Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 78
Bəqərə surəsi, 165-167-ci ayələr
Bəqərə surəsi, 165-167-ci ayələr
وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ .١٦٥
إِذْ تَبَرَّأَ الَّذِينَ اتُّبِعُوا مِنَ الَّذِينَ اتَّبَعُوا وَرَأَوُا الْعَذَابَ وَتَقَطَّعَتْ بِهِمُ الْأَسْبَابُ .١٦٦
وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا كَذَلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ .١٦٧
Ayələrin tərcüməsi
165\. Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür. Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların deyil,) Allahın şiddətli əzabı olduğunu biləcəklər.
166\. O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləcəkdir.
167\. O zaman tabe olanlar (ardıcıllar): “Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq” - deyərlər. (Bəli,) beləcə, Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt çıxmayacaqlar.
Ayələrin təfsiri.
Küfr başçılarının öz ardıcıllarından uzaqlaşması.
Əvvəlki ayələrdə Allah-taalanın varlığı və yeganəliyinə dəlalət edən nişanələrin ardınca bu ayələrdə həmin nişanələrə göz yumub şirk, bütpərəstlik və çoxallahlılıq yolunu tutan, onların qarşısında səcdə edən, onlara məhəbbət bəsləyən insanlardan danışılır. Halbuki bu insanlar bütün nemətləri onlara bəxş etmiş Allaha məhəbbət bəsləməli idilər. İlk öncə belə deyilir: "Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür”.
İmanlı insanlar ağıllı və düşüncəli şəxslər olduqları üçün bütün nemətləri bəxş etmiş Allahdan heç vaxt əl çəkməz, yalnız Ona məhəbbət bəsləyərlər. Ondan qeyrisini, ümumiyyətlə, sevilməyə layiq hesab etməzlər. Bütün işlərini Ona xatir həyata keçirərlər. Ona elə sevgi bəsləyirlər ki, Əli (ə) kimi deyərlər: "İlahi, Sənin əzabına dözəm də, Səndən ayrılığa dözə bilmərəm".
Həqiqi məhəbbət bu və digər kamala doğru yönəlir. İnsan heç vaxt yoxluğa və ya nöqsana sevgi bəsləməz. Deməli, kamalı hamıdan çox olan varlıq sevilməyə də hamıdan daha layiqdir. Yuxarıdakı ayədə də deyildiyi kimi, imanlı insanların Allaha olan sevgisi bütpərəstlərin tapındıqları tanrılarına olan sevgisindən daha artıqdır. Niyə də belə olmasın? Həqiqəti tapıb onu sevən insanın sevgisi xurafata uyan şəxsin sevgisi ilə bərabər ola bilərmi? Möminlərin sevgisi elm və mərifətdən, kafirlərin sevgisi isə nadanlıq və xurafatdan qaynaqlanır. Buna görə də birincilərin sevgisi həmişə sabit olub heç vaxt dəyişməz, ikincilərin sevgisi isə sabit qalmaz. Bu səbəbdən ayənin davamında belə deyilir: "Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların deyil,) Allahın şiddətli əzabı olduğunu biləcəklər”.
Belə bir vəziyyətdə gözlərinin qarşısındakı təkəbbür və qəflət pərdələri kənara çəkiləcək, onlar səhv etdiklərini başa düşəcəklər. Lakin heç bir ümid yerlərinin olmadığını anlayıb ixtiyarsız olaraq üz tutduqları zalım başçılarından yardım diləyəcəklər. Zalım başçıları isə onlardan uzaqlaşacaqlar. Belə olduqda onlar Allahın əzabının qaçılmaz olduğunu anlayacaqlar: “O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləckdir”.
Məlum məsələdir ki, burada "zalım başçılar" dedikdə daşdan və ya taxtadan hazırlanmış bütlər deyil, müşriklərin qeyd-şərtsiz tabe olduğu zalım və şeytansifət insanlar nəzərdə tutulmuşdur.
Öz tapındıqları tanrıların (zalım başçılarının) vəfasızlığını gördükdə özlərinə təsəlli vermək məqsədilə belə deyəcəklər: "O zaman tabe olanlar (ardıcıllar): "Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq" deyərlər.
Lakin bunun heç bir faydası olmayacaq. Artıq iş işdən keçmişdir və onların dünyaya dönüşü bir daha mümkün olmayacaq. Buna bənzər ifadə "Zuxruf" surəsinin 38-ci ayəsində də işlədilmişdir. Orada belə deyilmişdir:
"Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyəcək: “Kaş, mənimlə sənin aranda günçıxanla günbatanın arası qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!"
Nəhayət, ayənin sonunda belə deyilir: "(Bəli,) beləcə, Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt sıxmayacaqlar”.
Təbii ki, onların əlindən təəssüf hissi keçirməkdən başqa bir iş gəlməyəcək. Həsrət çəkəcəklər ki, topladıqları maldan başqaları istifadə edirlər. Səadətə çatmaq üçün ixtiyarlarında olan fürsətləri boşa verdikləri üçün həsrət çəkəcəklər. Allah-taalanın əvəzinə yalançı məbudlara sitayiş etdiklərinə görə təəssüf hissi keçirəcəklər. Ancaq bu həsrətin heç bir faydası olmayacaq. Çünki artıq nə həsrət çəkməyin, nə hər hansı bir iş görməyin, nə də buraxdıqları səhvləri aradan qaldırmağın vaxtı deyil. İndi artıq əməllərin nəticəsini görməyin vaxtıdır.