Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 79
Bəqərə surəsi, 168-169-cu ayələr
Bəqərə surəsi, 168-169-cu ayələr
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ .١٦٨
إِنَّمَا يَأْمُرُكُمْ بِالسُّوءِ وَالْفَحْشَاءِ وَأَنْ تَقُولُوا عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ .١٦٩
Ayələrin tərcüməsi
168\. Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Çünki, o, sizinlə açıq-aşkar düşməndir.
169\. O, sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir.
Ayələrin nazilolma səbəbi.
İbn Abbasdan belə nəql edilmişdir ki, Səqif və Xüzaə kimi bəzi ǝrǝb qəbilələri heç bir əsas olmadan bəzi kənd təsərrüfatı məhsullarını və heyvanları özlərinə haram etmişdilər. (Hətta bunu Allaha istinad edirdilər.) Bu ayələr nazil olaraq onları bu işdən çəkindirmişdir.
Ayələrin təfsiri.
Şeytanın izləri.
Bundan əvvəlki ayələrdə şirk və bütpərəstlik sərt şəkildə pislənilmişdi. Şirkin növlərindən biri də odur ki, insan Allahdan başqasını qanun təyin edən hesab edib halal və haramın müəyyənləşdirilməsini onun ixtiyarına buraxsın. İndi haqqında danışacağımız ayələr bu işi şeytanın əməli kimi qiymətləndirərək buyurmuşdur: “Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, şeytanın izi ilə getməyin. Çünki, o, sizinlə açıq-aşkar düşməndir".
Quranda yeməklə bağlı xeyli sayda ayə vardır. Maraqlıdır ki, bu ayələrin hamısında “halal” və “təmiz" şərtləri qeyd edilmişdir. "Halal” heç bir qadağası olmayan, "təmiz" isə insan təbiətinə uyğun gələn pak şeylərə deyilir. Onun əksi (antonimi) isə insanın təbiətinə uyğun gəlməyən "natəmiz"dir.
Ayənin ərəbcə mətnində işlədilmiş “خُطُوَات” (xutuvat) sözü “خطوة” (xutvǝ) kəlməsinin cəmi olub, "addım, iz" mənasını bildirir. "Şeytanın izləri" dedikdə şeytanın öz məqsədinə çatıb insanları azdırmaqdan ötrü atdığı addımlar, qoyduğu izlər başa düşülür.
"Şeytanın izi ilə getməyin" cümləsi Quranda beş dəfə təkrar edilmişdir. Bunlardan ikisi yemək və Allahın verdiyi ruzilərlə bağlı olub insanlara xəbərdarlıq edir ki, bu nemətləri nəzərdə tutulduğundan başqa yerlərə sərf etməsinlər. Onları yer üzündə fəsad törətmək üçün deyil, Allaha itaət etmək üçün bir vasitəyə çevirsinlər.
Şeytanın izi ilə getmək Quranın başqa bir ayəsində yeməklə bağlı olan ayənin davamında məhz yer üzündə fəsad törətmək kimi izah edilmişdir:
"Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!"
Eləcə də deyilmişdir:
"Sizə verdiyimiz pak ruzilərdən yeyin və bunda həddi aşmayın..." Bu ayələrdən belə nəticə əldə edilir ki, deməli, Allah-taalanın verdiyi halal nemətlər günah vasitəsinə çevrilməməli, yalnız Ona itaət yolunda sərf edilməlidir.
Quranda “şeytan" sözünün ardınca on dəfədən artıq işlədilmiş “Çünki, o, sizinlə açıq-aşkar düşməndir” cümləsi insanın bütün gücünü bu düşmənə qarşı səfərbər etməsi məqsədini güdür.
Növbəti ayədə insanı bədbəxtliyə sürükləməkdən başqa məqsədi olmayan şeytanın insana qarşı düşmənçiliyinin səbəbi aydın şəkildə bildirilmişdir: “O, sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir”.
Deməli, şeytanın işlərini üç hissəyə bölmək olar: pisliklər, iyrəncliklər və insanlara Allaha qarşı bilmədiklərini dedizdirmək.
Ayənin ərəbcə mətnində işlədilmiş "fəhşa" sözü "fahiş" kəlməsindən olub, "mötədil həddi aşan istənilən iş" mənasını bildirir. Bu baxımdan bu söz aşkar olan bütün pis əməllərə şamil olur. Hazırda bu sözün yalnız "cinsi pozğunluq" mənasında işlədilməsinə gəlincə, bu, ümumi mənanın əhatə dairəsinin kiçildilərək müəyyən bir əməl mənasında işlədilməsi baxımındandır.
"Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir" cümləsi cahiliyyət dövründə ərəblərin bəzi halal yeməkləri özlərinə haram etməsinə və bunu Allahın əmri olduğunu bildirmələrinə işarə ola bilər. Bəzi təfsirçilərin dediyinə görə, hətta təzə müsəlman olmuş bəzi insanlarda da bu adətin qalıqları davam etməkdə idi. Yaxud da bu cümlə daha geniş məfhuma malik olub, Allaha şərik qoşmaq və nəyisə Ona bənzətmək kimi işləri də əhatə edir. Hər halda bu cümlə ona dəlalət edir ki, bu cür işlər ən azından insanın Allaha qarşı bilmədiyi şeyləri deməsi hesab edilir. Bu isə heç bir məntiqə sığmayan əməldir. Ümumiyyətlə, əgər insanların dediyi hər sözün tutarlı bir əsası olarsa, cəmiyyətin düçar olduğu bir çox bədbəxtliklərə son qoyular. Dinlərdəki bütün xurafatların kökündə məhz bu amil dayanır. Belə ki heç bir əsası olmayan sözlər və ya əməllər məntiqsiz insanların vasitəsilə dinə sirayət etmişdir. Buna görə də insanların Allaha qarşı bilmədiklərini deməsi də şeytanın əməli kimi təqdim edilmişdir.
İncəliklər:
1\. Halal olmaq.
Bu ayə ona dəlalət edir ki, yer üzərində olan bütün yeməlilər öz- özlüyündə halaldır. Haram yeməlilər isə bu ümumi qaydadan istisna təşkil edir. Buna görə də nəyinsə halal olmasının deyil, haram olmasının dəlili olmalıdır. Şəriət qanunları genetik qanunlarla uyğun olduğu üçün insanın təbiəti də bunu tələb edir. Bir qədər də sadə şəkildə desək, Allah-taalanın yaratdığı hər bir şey, şübhəsiz ki, müəyyən faydalara malik olub, insanın istifadəsi üçün nəzərdə tutulmuşdur. Buna görə də onun öz-özlüyündə haram olmasının mənası yoxdur. Buradan belə nəticə əldə edirik ki, şəriət qanunlarına əsasən hər hansı bir yeməlinin haram olmasına dair sübut olmayınca və fərdə və ya cəmiyyətə zərəri olmayacağı təqdirdə onu yemək halal sayılır.
2\. Tədrici azğınlaşmalar.
"Şeytanın izləri” ifadəsi tərbiyəvi əhəmiyyət kəsb edən bir məsələyə işarə edir. O da bundan ibarətdir ki, pis əməllər insanda birdən- birə deyil, tədricən formalaşır. Məsələn, bir gəncin narkotik vasitələrə, qumara və ya şəraba qurşanması adətən bir sıra mərhələlərdən keçir. Əvvəlcə belə işlərin görüldüyü yerlərdə tamaşaçı qismində iştirak edir və istifadə etməmək şərtilə orada olmağın heç bir qəbahəti olmadığını düşünür. İkinci mərhələdə arada udub-uduzmaq olmamaq şərtilə pulsuz qumar oynamağa və yaxud bədənində hiss etdiyi ağrını sakitləşdirmək məqsədilə narkotik vasitədən istifadə etməyə başlayır. Üçüncü mərhələdə qısa müddət ərzində tərgitmək şərtilə həmin vasitələrdən azacıq istifadə etmək qərarına gəlir. Bundan sonra isə növbəti mərhələlər bir-birini əvəzləyir, nəticədə həmin gənc narkotik vasitələrin aludəçisinə və yaxud məşhur bir qumarbaza çevrilir. Şeytanın vəsvəsələri də eynilə bu cürdür. O, insanı yavaş-yavaş, addım-addım uçuruma doğru aparır. Bu, təkcə əsl şeytana aid bir məsələ deyil. Bütün şeytansifət insanlar da öz məkrli planlarını bu şəkildə həyata keçirirlər. Buna görə də Quran buyurur ki, ilk addımdaca diqqətli olmalısınız ki, şeytanın ardınca getməyəsiniz.
Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, hədislərdə xurafat və məntiqsiz işlər də "şeytanın izləri” olaraq göstərilmişdir. Məsələn, hədislərdən birində deyilmişdir: "Bir kişi and içmişdi ki, Allah yolunda oğlunun başını kəsəcək. İmam Sadiq (ə) ona buyurdu ki, bu iş şeytanın vəsvəsələrindəndir". İmam Muhəmməd Baqirdən (ə) nəql edilmiş bir hədisdə belə deyilmişdir:
"Allahın adından başqa andlar şeytanın vəsvəsələrindəndir". İmam Sadiqdən (ə) nəql edilmiş digər bir hədisdə isə o Həzrət (ə) belə buyurmuşdur: "Həyata keçirilməsi daha yaxşı olan işin tərk edilməsinə and içən şəxs öz andına əməl etməyib yaxşı işi həyata keçirərsə, bunun heç bir kəffarəsi yoxdur. Bu (həyata keçirilməsi daha yaxşı olan işin tərk edilməsinə and içmək), şeytanın vəsvəsələrindəndir".
3\. Şeytan köhnə düşməndir.
Haqqında danışdığımız ilk ayənin sonunda şeytanın açıq-aşkar düşmən olduğu bildirilir və bunu üç cəhətə görə izah etmək olar. Bu, ya onun ilk gündən Həzrət Adəmə (ə) səcdə etməməklə öz düşmənçiliyini göstərməsi və hər şeyini əldən verməsi ilə əlaqədardır. Ya onun qətl və sair cinayətlər kimi vəsvəsələrinin hamıya aşkar olması ilə əlaqədardır. Hamı bilir ki, dost heç vaxt insanı belə işlərə sövq etməz. Bu vəsvəsələr yalnız insanın bədbəxtliyini istəyən bir düşmən tərəfindən ola bilər. Ya da şeytanın insanla açıq-aşkar düşmən olduğunu bildirməsi ilə əlaqədardır. Çünki o, açıq şəkildə: “(İblis) dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam...” – deyə bildirmişdir.
4\. Şeytanın vəsvəsələrinin necəliyi.
Burada qarşıya belə bir məsələ çıxır ki, “O, sizə ancaq pis və iyrənc işlər görməyi əmr edir” cümləsindəki “əmr edir” ifadəsində, sözsüz ki, şeytanın vəsvəsələri nəzərdə tutulmuşdur. Halbuki bu və digər pis bir işi görərkən kənardan qətiyyən təhrik hiss etmirik. Yəni şeytanın bizi yoldan çıxartmasını hiss edə bilmirik.
Bunun izahında qeyd etməliyik ki, "vəsvəsə" sözündən də başa düşüldüyü kimi, şeytanın insana təsiri gizli və xəbərsiz şəkildə olur. Bəzi ayələrdə bu, “təlqin, vəhy etmək” ifadəsi ilə verilmişdir. Məsələn, aşağıdakı ayəyə diqqət edək:
"Həqiqətən, şeytanlar sizinlə mücadilə etmələri üçün öz dostlarına gizlində bəzi şeyləri təlqin (vəhy) edirlər”.
Lakin bir məsələ də var ki, insan Allah tərəfindən edilən ilhamla şeytan tərəfindən edilən ilhamı bir-birindən fərqləndirə bilər. Çünki onları bir-birindən ayırd etmək üçün çox aydın bir nişanə vardır. O da budur ki, Allah tərəfindən olunan ilham fitrət ilə uyğun gəldiyi üçün insanı rahatlaşdırır. Şeytanın vəsvəsəsi isə fitrət ilə uyğun gəlmədiyi üçün insanı narahat edir. Hətta insan bu və digər günah edərkən narahat olmasa da, sonradan narahatlıq hissi keçirəcək. Budur Allah tərəfindən edilən ilhamla şeytan tərəfindən edilən ilhamın fərqi.