Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 8
Ali-İmran surəsi, 12-ci ayə
Ali-İmran surəsi, 12-ci ayə
قُلْ لِلَّذِينَ كَفَرُوا سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ .١٢
Ayənin tərcüməsi
12\. Kafirlərə de: “(Ühüd döyüşündəki müvəqqəti qələbənizə görə sevinməyin.) Tezliklə məğlub olacaq və (sonra Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız!” Ora nə pis yerdir!
Ayənin nazilolma səbəbi.
Müsəlmanlar Bədr müharibəsində qələbə qazandıqdan sonra bəzi yəhudilər belə dedilər: “Bizim öz dini kitabımızda (Tövratda) müharibədə məğlub olmayacağını oxuduğumuz "oxumamış peyğəmbər" bu peyğəmbərdir".
Bir başqa dəstə isə belə dedi: "Tələsməyin, qoyun bir başqa müharibə də olsun, ondan sonra qərar verin".
Müsəlmanların məğlubiyyəti ilə nəticələnən Ühüd müharibəsi baş verdikdən sonra isə onlar belə dedilər: "Xeyr, and olsun Allaha, bizim kitabımızda müjdəsi verilən peyğəmbər bu deyil". Onlar bu hadisədən sonra nəinki İslamı qəbul etmədilər, əksinə, Peyğəmbərə (s) və müsəlmanlara qarşı kobudluqlarını daha da artırdılar. Hətta onlar Həzrət Peyğəmbərlə (s) bir-birlərinə hücum etməmək barədə bağladıqları ǝhd-peymanı vaxtından əvvəl pozdular.
Kəb Əşrəfin başçılığı altında altmış nəfərdən ibarət süvari dəstə Məkkəyə yola düşdü və orada İslamla mübarizə aparmaq üçün müşriklərlə ǝhd-peyman bağlayaraq Mədinəyə qayıtdı.
Həmin vaxt sözügedən ayə nazil oldu və onlara bildirdi ki, siz işin son nəticəsinə baxın və bilin, tezliklə hamınız məğlub olacaqsınız.
Ayənin təfsiri.
Yanlış ümidlər.
Ayənin nazilolma səbəbindən məlum olur ki, mal, sərvət, övlad və adamlarının sayının çox olması ilə öyünən kafirlər İslamın məğlub olmasına ümid bəsləyiblər. Lakin Quran aşkar şəkildə onların tezliklə məğlub olacağını xəbər verir və Peyğəmbərə (s) xitab edərək buyurur: "Kafirlərə de: "Tezliklə (bu dünyada xar, zəlil və) məğlub olacaq və (sonra Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız! Ora nə pis yerdir!”
İncəlik:
Dəqiq proqnoz.
Qurani-Kərimdə qeyb xəbərləri çoxdur və onlar Quranın əzəmətinin və möcüzə olmasının nişanəsidir. Onun nümunələrindən biri də sözügedən ayədədir.
Allah-taala bu ayədə aşkar şəkildə Öz Peyğəmbərinə (s) bütün düşmənlərinə qalib gələcəyi müjdəsini verir. Həmçinin kafirlərə buyurur ki, bu dünyada məğlub olmaqdan əlavə, axirətdə də bədbəxt aqibətlə qarşılaşacaqsınız.
Ayənin Ühüd müharibəsindən sonra müsəlmanların öz güc və nüfuzlarını itirdiyi, İslam düşmənlərinin isə əlbir olub ǝhd-peyman bağladığı və nəzərə çarpacaq qədər böyük gücə malik olduğu bir vaxtda nazil olmasını nəzərə aldıqda görürük ki, Quranın belə aydın – özü də yaxın gələcək mənası ifadə edən (tezliklə məğlub olacaq) ifadəsi ilə proqnoz verməsi çox heyrətamiz məsələdir. Buna görə də sözügedən ayəni Quranın möcüzəvi ayələrindən hesab etmək olar. Çünki o, müsəlmanların qalib gələcəyinə dəlalət edən heç bir nişanənin olmadığı bir şəraitdə aşkar şəkildə gələcəkdən xəbər verir.
Çox keçmədən ayə gerçəkləşir, Mədinə yəhudiləri (Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələri) məğlub olurlar, Xeybər müharibəsində onların ən mühüm güc mərkəzi məhv edilir, müşriklər də Məkkənin fəthində həmişəlik məğlubiyyətə düçar olurlar.