Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 80
Bəqərə surəsi, 170-171-ci ayələr
Bəqərə surəsi, 170-171-ci ayələr
وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ .١٧٠
وَمَثَلُ الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَاءً وَنِدَاءً صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَعْقِلُونَ .١٧١
Ayələrin tərcüməsi
170\. Onlara: "Allahın nazil etdiyinə tabe olun!" - deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik" - deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? (Yenə də onlara tabe olacaqlar?)
171\. Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay-küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar. Bu kafirlər, əslində,) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar.
Ayələrin təfsiri.
Ata-babalara kor-koranə təqlid.
Bu ayələrdə müşriklərin Allahın bir sıra halal ruzilərini özlərinə haram etməsi və ya bütlərə sitayiş etmələri ilə bağlı əsassız məntiqinə işarə edilmişdir. İlk öncə belə deyilmişdir: "Onlara: "Allahın nazil etdiyinə tabe olun!" - deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik" - deyirlər.
Bunun ardınca Allah-taala dərhal onların bu əsassız məntiqini çox yığcam, eyni zamanda dəqiq bir ifadə ilə məhkum edərək buyurmuşdur: "Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə, necə? (Yenə də onlara tabe olacaqlar?)
Yəni əgər onların ata-babaları doğru yolda olan ağıllı insanlar olsaydılar, onların getdiyi yolla getmələri doğru olardı. Lakin onlar öz ata-babalarının nadan və mövhumatçı insanlar olduğunu bildikləri halda, onların ardınca getməyin nə mənası var? Bu, nadanın nadana təqlid etməsi deyilmi?
Ümumiyyətlə, qəbilə təəssübkeşliyi ilk günlərdən etibarən müş- riklər arasında mövcud olmuş, bu gün də başqalarının arasında davam etməkdədir. Lakin Allaha inanan imanlı insan bu məntiqi rədd edir. Quran da bir çox ayələrdə ata-babalara edilən kor-koranə təqlidi sərt şəkildə tənqid etmişdir.
Başqa sözlə desək, insanın kor-koranə şəkildə əcdadlarının yolu ilə getməsi gerilikdən başqa bir nəticə verməyəcək. Çünki zaman keçdikcə təcrübə daha da artır. Təəssüflər olsun ki, bu yanlış təfəkkür tərzi hələ də bəzi insanlarda qalmaqdadır. Onlar öz əcdadlarını, sanki bütə çevirib ilahiləşdirir, onlardan qalma xurafat əməlləri "adət- ənənə" adı altında qeyd-şərtsiz qəbul edib, bu məsələyə "tariximizi qorumalıyıq" kimi don geydirirlər. Bu, xurafat işlərin bir nəsildən digər nəsilə ötürülməsində ən təsirli vasitədir. Keçmiş nəsillərin adət-ənənələrini araşdırıb məntiqə uyğun gələnini qorumaq çox da bəyənilən işdir. Ancaq məntiqə uyğun gəlməyənini kənara atmaq lazımdır. Bundan gözəl nə ola bilər?! Budur keçmiş tariximizə, milli adət-ənənələrimizə sadiq qalmaq! Lakin heç bir araşdırma aparmadan, kor-koranə şəkildə keçmiş adət-ənənələrə sadiq qalmaq axmaqlıq və mövhumatçılıqdan başqa bir şey deyil.
Sözügedən ayədə haqqında danışılan keçmiş nəsillərin bir şey anlamayıb doğru yolda olmamaları bildirilmişdir. Bu da ondan xəbər verir ki, iki insana təqlid etmək olar: özü ağıllı və elm sahibi olan şəxsə və ya özü alim olmasa da, alim olan şəxsin bələdçiliyini qəbul edən şəxsə. Sözügedən insanlar isə nə özləri alim olmuş, nə də alim olan şəxsin bələdçiliyini qəbul etmişlər. Belə insanlara təqlid etmək isə heç bir vəchlə qəbul edilmir.
Növbəti ayədə sözügedən insanların nəyə görə açıq-aşkar nişanələri qəbul etməməsinin, öz küfr və azğınlığına davam etməsinin səbəbi açıqlanır, onların barəsində bir məsəl çəkilir: “Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay- küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar).
Bəli, onlar, həqiqətən də, sürünün xeyrini istəyən çobanın yalnız fəryadını eşidir, daha hansı məqsəd üçün fəryad etdiyini anlamayan heyvanlara bənzəyirlər. Ayənin sonunda isə bu məsələyə daha da təkid edərək deyilir: "(Bu kafirlər, əslində,) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar.
Məhz bu səbəbdən də atalarının xurafat əməllərindən möhkəm yapışmış, onları haqqa dəvət edən heç bir xeyirxahın dəvətini qəbul etməmişlər.
Bəzi müfəssirlər bu ayəni başqa cür təfsir edərək bildirmişlər ki, bütlərə və qondarma tanrılara sitayiş edənlərin məsəli şüursuz heyvanları çağıran şəxsin hərəkətinə bənzəyir. Nə o heyvanlar onları çağıranı, nə də qondarma tanrılar öz abidlərini başa düşür. Çünki bu bütlər kar, lal və kordurlar. (Diqqət edin!)
Qeyd etməliyik ki, təfsirçilərin böyük əksəriyəti birinci təfsiri qəbul etmişlər. Hədislərdə də həmin mənaya işarə edilmişdir. Biz də bu sətirlərin müəllifi olaraq məhz həmin ehtimalı qəbul edirik.
İncəliklər:
1\. Tanıma vasitələri.
Məlum məsələdir ki, insanın ətraf mühitlə təmasda olması üçün müəyyən vasitələrə ehtiyacı vardır. Bu vasitələrə tanıma vasitələri deyilir. Bunların arasında ən önəmlisi göz, qulaq və dildir ki, hər biri müvafiq olaraq görmək, eşitmək və danışmaq funksiyasını yerinə yetirir. Haqqında danışdığımız ayədə sözügedən insanlar tanıma vasitələrindən istifadə etmədikləri üçün kar, lal və kor adlandırıldıqdan sonra nəticə bildirən (f) ǝdatı işlədilərək onların heç nə anlamadıqları bildirilmişdir: "Buna görə də bir şey anlamırlar".
Beləliklə də, Quran şahidlik edir ki, elm və biliyin ən əsas qavrama vasitəsi göz, qulaq və dildir. Göz və qulaqdan vizual qavrama üçün, dildən isə başqaları ilə ünsiyyətdə olmaq yolu ilə elm mənimsəmək üçün istifadə edilir. Fəlsəfədə də sübuta yetirilmişdir ki, hətta qeyri- empirik elmlər də empirik elmlərdən qaynaqlanır. Bu mövzu haqqında daha çox danışmaq olar, lakin mövzudan kənara çıxmamaq üçün söhbətə burada son qoyuruq.
2\. (yǝn'iqu) feili (nǝ'q) kökündən olub, əslində, "qarğanın boynunu dartmadan və başını tərpətmədən çıxartdığı səs”ə deyilir. (nə q) və (ğəyn) sözləri də eyni mənanı ifadə edir. Lakin qarğa səs çıxardarkən boynunu dartıb başını tərpədərsə, bu zaman ərəblər bunu (nə əb) feili ilə ifadə edirlər. Lakin sonradan bu söz daha geniş məna kəsb edərək heyvanları çağırmaqdan ötrü istifadə edilən səslərin də barəsində işlədilmişdir. Məlum məsələdir ki, heyvanlar bu səsləri anlamırlar. Bəzi hallarda reaksiya versələr də, bu, çıxarılan səsin mənasını anlamaqdan deyil, səsin tonundan irəli gəlir.