Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 9
Bəqərə surəsi, 23-24-cü ayələr
Bəqərə surəsi, 23-24-cü ayələr
وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا فَأْتُوا بِسُورَةٍ مِنْ مِثْلِهِ وَادْعُوا شُهَدَاءَكُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ .٢٣
فَإِنْ لَمْ تَفْعَلُوا وَلَنْ تَفْعَلُوا فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ أُعِدَّتْ لِلْكَافِرِينَ .٢٤
Ayələrin tərcüməsi
23\. Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın.
24\. Əgər bunu bacarmırsınızsa, — heç bacara da bilməyəcəksiniz, — o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun.
Ayələrin təfsiri.
Quran - əbədi möcüzə.
Əvvəlki ayələrin mövzusu olan küfr və nifaq bəzi vaxtlar peyğəmbərliyin mahiyyətini dərk etməməkdən qaynaqlandığı üçün bu ayələrdə əsas diqqət də məhz bu məsələyə yönəldilmişdir. Xüsusilə də Peyğəmbərin (s) əbədi möcüzəsi sayılan Qurani-Kərim daha qabardılmış şəkildə önə çəkilmişdir ki, Həzrət Muhəmmədin (s) peyğəmbərliyinə şübhə edənlərin şübhəsi aradan qaldırılsın. İlk olaraq Allah-taala belə buyurmuşdur: "Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin”.
Bununla da Allah Quranı inkar edənlərin hamısını açıq mübarizəyə dəvət edir ki, bu yolla öz acizliklərini görüb bu kitabın, doğrudan da, səmavi vəhy olduğunu qəbul etsinlər. Daha sonra isə Quran belə buyurmuşdur: “Əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın”.
Ayənin orijinalındakı (şahidlər) sözündə kafirlərə peyğəmbəri inkar etməkdə yardımçı olan şahidlər nəzərdə tutulmuşdur. (Allahdan savayı) ifadəsi isə ona işarə edir ki, Allahdan başqa bütün insanlar toplaşıb əl-ələ versələr də, Quranın surəsi kimi bircə surə də gətirə bilməzlər. (əgər doğru deyirsinizsə) budaq cümləsi isə, əslində, kafirləri bu mübarizəyə dəvət etməyə təhrik edir, yəni sizin bu işdə acizliyiniz yalançı olmağınıza dəlalət edir. Yalançı olmadığınızı sübut etmək üçün əl-ələ verib Quran surələri kimi bircə surə gətirin.
Mübarizəyə dəvət mümkün qədər qətiyyətli olmalı, düşməni maksimum dərəcədə təhrik etməlidir ki, bütün gücünü səfərbər etsin. Nəhayət, aciz olduğunu gördükdən sonra düşmən əmin olsun ki, qarşılaşdığı kitab bəşər düşüncəsinin məhsulu deyil, həqiqətən də, Allah tərəfindən göndərilmiş bir kitabdır. Məhz bu önəmli cəhətə növbəti ayədə toxunulmuşdur: "Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməyəcəksiniz, - o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun".
Ayənin ərəbcə orijinalındakı "vəqud" sözünün mənası kibrit və ya digər vasitələrlə yaranan "qığılcım" deyil, məsələn, odun kimi alışan "yanacaq" deməkdir. Bəzi təfsirçilər ayədəki "daşlar" sözünün mənasının "daşdan hazırlanmış bütlər" olduğunu bildirmiş və bu iddianı "Ənbiya" surəsinin 98-ci ayəsi ilə əsaslandırmışlar. Həmin ayədə belə deyilmişdir: "Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəmin odunu olacaqsınız". Digər bir qrup təfsirçi burada "daşlar" deyildikdə hərarəti digər daşlardan daha çox olan kükürd daşlarının nəzərdə tutulduğunu bildirmişdir. Başqa bir qrup isə belə hesab etmişdir ki, bu ifadədə əsasən Cəhənnəm odunun hərarətinin həddən artıq çox olması nəzərdə tutulmuşdur. Yəni oranın hərarəti və yandırıcılıq qabiliyyəti o qədər güclüdür ki, hətta insanları və daşları da odun kimi yandıra bilər.
Ayələrin zahiri ilə daha uyğun görünən odur ki, Cəhənnəm odu insanların və daşların öz daxilindən alovlanacaq. Bu gün bütün cisimlərin öz daxilində böyük ölçüdə od (başqa sözlə desək, oda çevrilə biləcək güclü enerji) olduğunun sübut edildiyini nəzərə alsaq, yürütdüyümüz mülahizəni anlamaq elə də çətin deyil. Cəhənnəm odunu bu dünyanın adi odlarına bənzətməyə də lüzum yoxdur. "Huməzə" surəsinin 6-7-ci ayələrində Allah-taala belə buyurmuşdur: "Allahın yandırdığı oddur. (O od) ki, ürəklərdən qalxacaq". Ayələrdən də göründüyü kimi, Cəhənnəm odu bu dünyanın odlarından fərqli olaraq çöldən içəriyə doğru deyil, içəridən çölə doğru yetişir.
İncəliklər:
1\. Nə üçün peyğəmbərlərin möcüzəyə ehtiyacı var?
Məlum olduğu kimi, peyğəmbərlik məqamı bir sıra pak insanlara nəsib olmuş yüksək məqamdır. Dünyəvi vəzifələrə təyin edilən insanlar adətən başqaları üzərində fiziki rəhbərlik edirlər. Peyğəmbərlər isə insanların ürəyinə hakim kəsilirlər. Bunun dəyəri daha çox olduğundan bəzi insanlar özlərini yalandan peyğəmbər adlandıraraq cəmiyyətə rəhbərlik etməyə çalışırlar. Camaat peyğəmbərlik iddiasında olan hər bir şəxsin iddiasını qəbul etmək məcburiyyətində qaldığı təqdirdə cəmiyyətdə hansı hərc-mərcliyin baş alıb gedəcəyini təsəvvür etmək elə də çətin deyil. Heç birinin iddiasını qəbul etməsələr, onda da azğınlığın qarşısını almaq mümkün olmayacaq. Buna görə də peyğəmbərlərin gəlməsinin zəruriliyini sübut edən dəlil eyni zamanda onların yalançı iddiaçılardan fərqlənməsini göstərən möcüzə gətirməsini də zəruri edir. Deməli, hər bir peyğəmbər öz iddiasında doğru olduğunu sübut etməkdən ötrü, mütləq, möcüzə göstərməlidir.
"Möcüzə" sözünün özündən də göründüyü kimi, peyğəmbərin göstərəcəyi möcüzə elə bir qeyri-adi iş olmalıdır ki, başqaları onu həyata keçirməkdə aciz qalsınlar. Möcüzə gətirən peyğəmbər həm də camaatı onun gətirdiyi möcüzənin bənzərini gətirməyə dəvət etməlidir. Gətirdiyi möcüzəni öz doğruluq nişanəsi kimi təqdim etməlidir ki, əgər başqaları da bacarırlarsa, onun kimisini gətirsinlər.
2\. Quran - İslam Peyğəmbərinin (s) əbədi möcüzəsi.
Həzrət Muhəmmədin (s) möcüzələri arasında Quran onun haqq olduğunu göstərən ən böyük sübutdur. Quran bəşər düşüncəsinin fövqündə duran ilahi bir kitabdır. Bu vaxta qədər heç kim onun bənzərini gətirə bilməmişdir. O, səmavi bir möcüzədir. Onun İslam Peyğəmbərinin (s) ən böyük möcüzəsi olması bu kitabın natiq, əbədi, ümumbəşəri və ruhani (mənəvi) olmasından irəli gəlir. Əvvəlki peyğəmbərlər, mütləq, öz möcüzələrinin yanında olmalı idilər. Çünki möcüzələrinin dili yox idi. Bunu Həzrət Muhəmmədin (s) Qurani-Kərimdən başqa möcüzələrinə də aid etmək olar. Ancaq Quran özüdanışan bir möcüzə olmuşdur. Onu təqdim etməyə, tanıtdırmağa ehtiyac olmamışdır. O, özü-özünü təqdim edir, düşmənlərini açıq mübarizəyə səsləyir, mübarizə meydanından qalib ayrılır. Buna görə də Peyğəmbərin (s) vəfatından əsrlər keçməsinə baxmayaraq, Quran indi də öz varlığını davam etdirir. O, həm dindir, həm də möcüzə, həm qanundur, həm də qanunun sənədi.
3\. Əbədi və ümumbəşəri olmaq.
Quran zaman və məkan anlayışlarını aşaraq onların fövqündə qərar tutmuşdur. Digər peyğəmbərlərin möcüzələri, eləcə də Həzrət Muhəmmədin (s) Qurandan başqa möcüzələri müəyyən bir zamanı əhatə etmiş, müəyyən bir məkan çərçivəsinə sığmış, həm də müəyyən bir qrup insan üçün gəlmişdir. Məsələn, Həzrət İsanın (ə) beşikdə ikən dil açıb danışması, ölüləri diriltməsi müəyyən bir vaxtda baş vermiş və yalnız öz dövrünə aid olmuşdur. Zaman çərçivəsinə sığan işlərin xüsusiyyəti odur ki, müəyyən bir vaxt rövnəqlənirsə, zaman keçdikcə unudulur. Quran isə zaman və məkan anlayışlarını aşmışdır. Təxminən 1400 il bundan qabaq cəhalət girdabında çapalayan Hicaz mühitini necə işıqlandırmışdısa, bu gün də bizim yaşadığımız mühiti işıqlandırır. Hətta zaman keçdikcə və elmi nailiyyətlər artdıqca orta əsrlərin insanları ilə müqayisədə müasir insanlar Quran həqiqətlərindən daha çox faydalanır, onun maarifi ilə daha yaxından tanış olmaq imkanı qazanırlar. Məlum məsələdir ki, zaman və məkan anlayışlarını aşanı hər bir şey əbədi və ümumbəşəri olacaq. Şübhəsiz ki, əbədi və ümumbəşəri olan dinin onun doğruluğunu sübut edəcək əbədi və ümumbəşəri bir sənədi də olmalıdır.
4\. Quranın ruhani (mənəvi) olması.
Əvvəlki peyğəmbərlərin göstərdiyi möcüzələrin, demək olar ki, hamısı cismani xarakter daşımışdır. Məsələn, çarəsiz xəstələri sağaltmaq, ölüləri diriltmək, körpə uşağın beşikdə dilə gəlməsi və s. Qurana gəldikdə isə onun adi əlifba hərflərindən təşkil olmuş sözləri insanların ürəyinə yol tapır, onların ruhunu məftun, ağılları özünə valeh edir. Onun işi yalnız insanların ağlı, düşüncəsi, ruhu ilədir. Belə bir möcüzənin digər möcüzələrdən üstünlüyünü şərh etməyə ehtiyac yoxdur.
5\. Quran düşmənlərini onun kimisini gətirməyə səsləyibmi? Quran bir neçə surəsində düşmənlərini onun surələri kimi surələr gətirməyə səsləmişdir. Bununla əlaqədar olaraq aşağıdakı ayələrə diqqət yetirǝk:
1) Məkkədə nazil olmuş "İsra" surəsinin 88-ci ayəsində deyilir:
"De: "Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də, onun bənzərini gətirə bilməzlər”.
2) "Hud"surəsinin (bu surə də Məkkədə nazil olmuşdur) 13-14-cü ayələrində deyilir:
"Yoxsa: "Bunu (Quranı) özündən uydurdu!" - deyirlər. De: “Əgər doğru deyirsinizsə, siz də onun kimi özünüzdən on surǝ uydurub gətirin və Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər onlar dəvətinizi qəbul etməsələr, bilin ki, o, ancaq Allahın elmi ilə nazil olmuşdur".
3) "Yunus" surəsinin 38-ci ayəsində (bu surə də Məkkədə nazil olmuşdur) deyilir:
"Onlar: "O, Quranı yalandan Allaha isnad edir!" - deyirlər? De: "Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da (köməyə) çağırın!"
4) Haqqında danışdığımız "Bəqərə" surəsinin 24-cü ayəsində də bu barədə danışılır. (Bu ayə Mədinədə nazil olmuşdur.)
Ayələrdən də gördüyümüz kimi, Quran açıq şəkildə və tam qətiyyətlə düşmənlərini mübarizəyə dəvət edir. Özü də bu dəvəti elə formada etmişdir ki, qarşı tərəfi mübarizəyə təhrik edərək həvəsləndir- mişdir. Bu ayələrdə elə ifadələr işlədilmişdir ki, qarşı tərəfin, sanki mənliyinə toxunmuşdur. Həmin ifadələr aşağıdakılardır:
"Əgər doğru deyirsinizsə..."
"Siz də onun kimi özünüzdən on surə uydurub gətirin".
"Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin".
"Allahdan başqa kimi bacarırsınızsa, onu da köməyə çağırın".
"Əgər insanlar və cinlər birləşsələr..."
"Onun bənzərini gətirə bilməzlər"."
"Yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun".
"Əgər bunu bacarmırsınızsa, - heç bacara da bilməyəcəksiniz..."
Bu mübarizə təkcə ədəbi və ya dini mübarizə deyil, eyni zamanda siyasi, iqtisadi və ictimai bir mübarizə olmuşdur. Hətta qarşı tərəfin varlığı da bu mübarizədən asılı idi. Başqa sözlə desək, olduqca həyati önəm kəsb edən bu mübarizə Quranı qəbul etməyənlərin taleyini həll edirdi. Belə ki qalib gələcəkləri təqdirdə hər şeyə sahib olacaq, məğlub olacaqları təqdirdə isə ixtiyarlarında olan hər şey əllərindən çıxacaqdı. Bütün bunları nəzərə alaraq onların Quranın qarşısında susub təslim olmaları bu səmavi kitabın möcüzə olmasına ən böyük sübutdur. Onu da qeyd etmək lazımdır ki, bu ayələr müəyyən zaman və məkana xas deyil, bütün zamanlara, hər yerə şamil olub bütün elm mərkəzlərini mübarizəyə səsləmiş, indi də səsləməkdə davam edir.
6\. Quranın bənzərini gətirməyə çalışanlar.
İslam tarixinə diqqət yetirdikdə görürük ki, müsəlman ölkələrində hətta Həzrət Peyğəmbərin (s) sağlığında, eləcə də vəfatından sonra Məkkə və Mədinənin özündə də müsəlmanları zəiflətməyə çalışan inadkar yəhudi və xaçpərəstlər yaşamışlar. Hələ müsəlmanların arasında da özlərini mömin kimi qələmə verən, lakin Quranın münafiq adlandırdığı şəxslər də olmuşdur ki, onlar kafirlərin mənafeyi üçün səy göstərirdilər. İstər münafiqlər olsun, istərsə də kafirlər, müsəlmanları daim diqqət mərkəzində saxlayır, müsəlmanların əleyhinə olan istənilən işi dəstəkləyirdilər. Şübhəsiz ki, onlar Qurana bənzər bir kitab tapmış olsaydılar, onu yayar, ya da heç olmasa, qoruyub-saxlamağa çalışardılar.
Qurana qarşı mübarizəyə qalxmış, hətta bu istəkdə olması azacıq da olsa, ehtimal verilmiş bütün şəxslərin adları tarixi mənbələrdə qeyd edilmişdir. O cümlədən aşağıda adları çəkilən şəxsləri qeyd etmək olar:
1-Deyilənlərə görə, Abdullah ibn Muqǝffa "Əd-Durrǝtul-yətimə" kitabını məhz bu məqsədlə yazmışdır. Bu kitabın hal-hazırda mövcud olmasına, bir neçə dəfə yenidən nəşr edilməsinə baxmayaraq, onda Quranla mübarizəyə dair ən kiçik işarə belə yoxdur. Onun nəyə görə bu siyahıya daxil edilməsi çox qəribədir.
2-Mütənəbbi ləqəbi ilə tanınmış görkəmli şair Əhməd ibn Hüseyn Kufinin də adı peyğəmbərlik iddiası edən şəxslərin sırasında çəkilir. Lakin əksər sübutlar onu göstərir ki, o, peyğəmbərlik iddiası etməmiş, əsasən vəzifə və yüksək məqam istəyində olmuşdur.
3-Digər tanınmış şair Əbülǝla Məǝrrinin də adı peyğəmbərlik iddiasında olanların sırasında hallanır. Doğrudur, o, İslam əleyhinə çox sərt fikirlər səsləndirmişdir, lakin heç vaxt Qurana qarşı mübarizəyə qalxmamışdır. Əksinə, Quranın əzəmətinə dair çox gözəl sözlər demişdir. Yeri gəldikdə onun fikirlərini diqqətinizə çatdıracağıq.
4-Yǝmamə əhlindən olan Müseyləmə isə, heç şübhəsiz ki, pey- ğəmbərlik iddiasında olmuş, özündən guya Quran ayələrinə bənzər ayələr uydurmuşdur. Lakin onun dedikləri daha çox komediya janrına uyğun gəlir. Aşağıda onun dediklərindən bəzisini diqqətinizə çatdırırıq: "Zariyat" (mənası "sovurub dağıdan küləklər" deməkdir) surəsinə qarşılıq olaraq aşağıdakı cümlələri demişdir:
(And olsun toxum səpən əkinçilərə! And olsun (məhsulu) biçənlərə! And olsun buğdanı qabığından ayıranlara! And olsun buğda üyüdənlərə! And olsun xəmir yoğuranlara! And olsun çörək bişirənlərə! And olsun yeməyə çörək doğrayanlara! And olsun yağlı və yumşaq tikələri götürənlərə!)
(Ey qurbağanın qızı qurbağa! İstədiyin qədər səslə! Sənin yarı hissən suda, yarı hissən isə palçıqdadır. Nə suyu bulaşdırırsan, nə də kiminsə sudan içməsinə mane olursan.)
7\. Quranın barəsində başqalarının etirafı.
Aşağıda bir çox tanınmış şəxslərin, hətta Qurana qarşı mübarizəyə qalxdığı iddia edilənlərin bəzisinin bu səmavi kitabın əzəməti haqqında etirafını qeyd etməyi məqsədəuyğun görürük:
1-(Quranla mübarizəyə qalxdığı iddia edilən) Əbülǝla Məǝrri deyir: "Müsəlman olub-olmamasından asılı olmayaraq hamı qəbul edir ki, Muhəmmədin (s) gətirdiyi bu kitab bütün ağılları özünə heyran etmişdir. Bu vaxtadək heç kim ona bənzər bir kitab gətirə bilməmişdir. Onun metodu ərəblər arasında yayılmış xütbə, rəcǝz, şeir, sǝc janrında yazılmış heç bir kitabın metoduna bənzəmir. Onun cazibəsi o qədər çoxdur ki, onun bircə ayəsi başqa kitaba daxil edilsə, o, zülmət gecədə çıxan ulduz kimi parlayacaq".
2-Vəlid ibn Müğeyrə Məxzumi ərəblər arasında öz dəst-xətti ilə seçilmiş, cahiliyyət dövründə böyük ictimai problemlərin həllində fikirlərindən istifadə edilmiş və buna görə də "Qüreyşin gülü" kimi ad çıxarmışdır. O, "Ğafir" surəsinin bir neçə ayəsini Həzrət Peyğəmbərdən (s) eşitdikdən sonra Bəni-Məxzum tayfasının məclislərindən birində iştirak edərkən belə demişdir: "And olsun Allaha, Muhəmməddən (s) elə bir söz eşitdim ki, nə insanların sözünə bənzəyir, nə də pərilərin.
Onun sözlərinin özünəməxsus şirinliyi, gözəlliyi vardır. Sözlərinin yuxarısı (hündür ağacın budaqları kimi) barlı, aşağısı isə (çoxdankı ağaclar kimi) faydalıdır. Sözləri hər şeyi üstələyir, heç nə ondan üstün ola bilməz".
3-Tanınmış ingilis tarixçisi Karlayl Quran barəsində demişdir: "Bu müqəddəs kitaba bircə dəfə nəzər salsaq, görərik ki, onda dəyərli həqiqətlər və varlığın sirləri öz əksini tapmışdır. Onlardan Quranın həqiqətini çox aydın şəkildə başa düşmək mümkündür. Bu, yalnız Qurana xas olan bir məziyyətdir. Bunu digər elmi, iqtisadi, siyasi kitabda görmək mümkün deyil. Bəzi kitabları oxumaq insanın düşüncəsində böyük təsir buraxsa da, bu təsir Quranın təsiri ilə müqayisə edilə bilməz. Buna görə də qeyd etməliyik ki, Quranın ilkin məziyyəti heç bir şəkk-şübhə olmayan pak və dəyərli məsələləri ehtiva etməsindədir. Onda bəşəriyyətin səadətini təmin edəcək bütün dəyərlər öz əksini tapmışdır".
4-Con Dyui "Muhəmməd və Quranda çatışmazlıq bəhanəsi" kitabında yazır: "Quran nöqsanlardan o qədər uzaqdır ki, onda ən kiçik düzəlişə belə ehtiyac yoxdur. Onu əvvəldən sonadək oxusanız, hər hansı uyğunsuzluq tapa bilməzsiniz".
O, daha sonra yazır: "Hamı yekdilliklə qəbul edir ki, Quran ən fəsahətli və bəlağətli üslubda, ərəblərin ən nəcib qəbiləsi olan Qüreyşin ləhcəsində nazil olmuşdur... Onda ən gözəl təşbehlərdən istifadə edilmişdir..."
5-Alman yazıçısı Höte demişdir: "Quran elə bir kitabdır ki, oxucu anlamaqda əvvəlcə çətinlik çəksə də, sonradan ona məftun olur. Özündən ixtiyarsız olaraq onun saysız-hesabsız gözəlliyinin heyranı olur".
O, daha sonra demişdir: "Allahdan xəbərsiz olan keşişlər bizə uzun illər boyu müqəddəs Quranın həqiqətlərindən və onu gətirmiş Həzrət Muhəmmədin (s) əzəmətindən xəbərdar olmağa imkan verməmişlər. Lakin biz elm yolunda irəlilədikcə yersiz təəssübkeşliyin üzərindən pərdələr götürülmüşdür. Tezlikə bu misilsiz kitab - Quran bütün dünyanı özünə cəlb edib elmdə dərin iz buraxacaq. Axırda bütün insanların düşüncəsinin əsasını təşkil edəcək.
Biz əvvəlcə Qurandan üz çevirmişdik. Lakin çox keçmədi ki, bu kitab diqqətimizi özünə cəlb edib bizi heyran qoydu. Hamımız onun elmi əsasları qarşısında susduq".
6-Məşhur tarixçi Uill Dürant yazır: "Quran müsəlmanlara elə bir izzət, ədalət və təqva bəxş etdi ki, dünyanın heç bir yerində bənzəri yox idi".
7-Fransız təqdiqatçısı Jül Labom "Təfsilül-ayat" kitabında yazır: "Elm dünyaya müsəlmanlar tərəfindən yayıldı. Müsəlmanlar isə onu elm mənbəyi olan Qurandan əldə edib bəşəriyyət üçün elm bulaqları axıtdılar".
8-Şərqşünas Dinvert yazır: "Etiraf etməliyik ki, Avropada yayılmış təbiət elmləri, astronomiya, fəlsəfə, riyaziyyat - bütün bunlar Quranın təlimatlarındandır. Buna görə biz müsəlmanlara borcluyuq. Bu baxımdan Avropanı tam bir müsəlman diyarı hesab etmək olar".
9-Neapol Universitetinin müəllimi xanım Laura Vaksiya Vaqleri "İslamın sürətli inkişafı” əsərində yazır: "İslamın səmavi kitabı ecazın bir nümunəsidir... Quran bənzərsiz bir kitabdır. Ədəbiyyatda onun üslubu kimi üslub olmamışdır. Bu, onun insanın ruhuna qoyduğu təsir üstünlüklərindən xəbər verir. Dərs oxumamış adi bir ərəb fərdi olan Muhəmməd (s) möcüzə ilə dolu belə bir kitabı necə yaza bilər? (Bu, mümkün deyil.)
Biz bu kitabda elə dəyərli məlumatlara rast gəlirik ki, ən böyük filosofların, siyasi xadimlərin, elm adamlarının da bacarığından kənardır. Buna görə də Quran hətta bəşər övladından olan böyük alimin də əsəri ola bilməz".