Ali-İmran Surəsi • Təfsiri-Nümunə • Bölüm 9
Ali-İmran surəsi, 13-cü ayə
Ali-İmran surəsi, 13-cü ayə
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَى كَافِرَةٌ يَرَوْنَهُمْ مِثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَنْ يَشَاءُ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ .١٣
Ayənin tərcüməsi
13\. (Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (şeytan və büt yolunda idi). Onlar öz gözləri ilə (möminlərin) sayca ikiqat artıq olduqlarını görürdülər. (Bu isə onların qorxuya düşməsinə və məğlubiyyətə uğramasına səbəb oldu.) Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır.
Ayənin nazilolma səbəbi.
Bu ayə Bədr müharibəsi barəsində nazil olub. Təfsirçilərin yazdığına Əsasən, Bədr müharibəsində müsəlmanların sayı 77 nəfəri mühacirlərdən, 236 nəfəri isə ənsardan olmaqla 313 nəfər təşkil edib. Mühacirlərin bayrağını Əli (ə), ənsarın bayrağını isə Səd ibn Übadə əlində daşıyıb. Bu böyük müharibədə müsəlmanların yalnız yetmiş dəvəsi, iki atı, altı zirehi və səkkiz qılıncı olub.
Düşmən qoşunu mindən artıq döyüşçü, yüz at və kifayət qədər silaha malik olmasına baxmayaraq, müsəlmanlar iyirmi iki şəhid verərək (14 nəfər mühacirlərdən, 8 nəfər ənsardan) yetmiş ölü və yetmiş əsir verən düşmənə qalib gəlib və qələbə ilə Mədinəyə qayıdıblar. Bu ayə Bədr müharibəsinin bəzi məqamlarına işarə edir.
Ayənin təfsiri.
Bədr müharibəsi – aydın nümunə.
Əslində, bu ayə əvvəlki ayələrdə deyilənlərin aydın nümunəsidir və kafirlərə öz mal, sərvət və adamlarının çoxluğu ilə öyünməmələri üçün xəbərdarlıq edir. Bunun bariz nümunələrindən biri Bədr müharibəsidir. Çünki həmin müharibədə İslam düşmənləri döyüş təchizatı, adam və mallarının sayının çox olmasına baxmayaraq, ağır məğlubiyyətə düçar oldular. Buyurur: “(Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi”.
“Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (şeytan va büt yolunda idi).
Kiçik və elə də döyüş sursatına malik olmayan, lakin möhkəm imana malik bir qoşunun döyüş sursatı və döyüşçü baxımından özündən neçə qat üstün olan bir qoşuna qalib gəlməsindən nə üçün ibrət götürməyəsiniz?!
Əgər adam sayı və geniş imkana malik olmaq bir işə yarasaydı, bu, Bədr müharibəsində baş verərdi. Halbuki orada tam əksinə oldu. Daha sonra buyurur: "Onlar (müşriklər) öz gözləri ilə (möminlərin) sayca ikiqat artıq olduqlarını görürdülər.
Yəni möminlərin sayı 313 nəfər idisə, onlar kafirlərin gözündə 600 nəfərdən çox görünürdülər və bu, kafirlərin məğlubiyyətinə səbəb olan qorxu hissini daha da artırırdı.
Bu, ilahi yardım olmaqdan əlavə, həm də təbii görünürdü. Çünki döyüş başlayandan və müsəlmanlar kafirlərə ağır zərbələr endirdikdən kafirləri elə vahimə bürümüşdü ki, onlar müsəlmanlara əlavə bir qoşunun da qoşulduğunu və onların əvvəlkinin iki qatı qədər güclə vuruşduqlarını güman edirdilər. Halbuki müharibə başlamamışdan Əvvəl vəziyyət tam əksinə idi. Onlar müsəlmanlara alçaldıcı nəzərlə baxır, onların sayını hətta olduqlarından da az təsəvvür edirdilər.
Başqa sözlə desək, müharibə başlamamışdan əvvəl Allah-taala onlara müsəlmanların sayını az göstərdi ki, döyüşə lovğalıq və qəflətlə başlasınlar. Lakin döyüş başladıqdan sonra müsəlmanların sayını onlara ikiqat çox göstərdi ki, onları qorxu və vahimə bürüsün və döyüş onların məğlubiyyəti ilə sona çatsın. Həmçinin Allah-taala müsəlmanların ruhiyyəsini gücləndirmək üçün kafirlərin sayını onlara az göstərdi.
Buna "Ənfal" surəsinin 44-cü ayəsində də işarə edilib. Həmin ayədə Allah-taala belə buyurur;
"Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı”.
Yəni siz qorxmayın və var gücünüzlə döyüş meydanına daxil olun. Onlar da döyüşə qürrələnərək və etinasızlıqla başlasınlar, sonra vəziyyət dəyişsin, müsəlmanlar kafirlərin gözündə olduqlarından artıq görünsünlər və bu həlledici döyüş onların məğlubiyyəti ilə sona çatsın.
Bəzi hədislərdə belə nəql edilib: "Müsəlmanlardan biri nəql edir ki, Bədr müharibəsindən əvvəl bir nəfərdən soruşdum: "Səncə, kafir- lərin sayı yetmiş nəfər olar?" O dedi: "Məncə, yüz nəfər olar". Lakin biz müharibədə qalib gələndən və çoxlu əsir götürəndən sonra onların sayının min nəfər olduğunu öyrəndik".
Daha sonra ayənin davamında belə buyurulur: "Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir". Allahın istəyi hesab-kitabsız deyil və həmişə hikmətə əsaslanır. Şəxslərdə ləyaqət olmayınca Allah onları qüvvətləndirmir.
Bu tarixi hadisədə Allah-taalanın müsəlmanları qüvvətləndirməsi və onlara qələbə nəsib etməsi iki baxımdan - həm hərbi, həm də məntiqi qələbə sayılırdı. Onun hərbi qələbə olması kiçik və hərbi imkana malik olmayan bir qoşunun sayca özündən çox olan və geniş hərbi imkanlara malik bir orduya qalib gəlməsi, məntiqi qələbə olması isə Allah-taalanın müsəlmanlara döyüş başlamamışdan əvvəl qələbə vədi verməsi idi. Bu, İslamın haqq olmasının dəlillərindən oldu.
Ayənin sonunda buyurur: “Bunda bəsirət sahibləri üçün bir ibrət vardır”.
Bəli, bəsirət sahibi olan və həqiqətləri olduğu kimi görən şəxslər möminlərin bu hərtərəfli qələbəsindən ibrət dərsi götürür və qələbənin əsl sərmayəsinin yalnız iman olduğunu başa düşürlər.