“Əza saxlayanlar matəmində ağlasın! Bu adla (rüşvətə hədiyyə adı qoymaqla) məni aldadıb Allahın dinindən çıxarmağa gəlmisən?... And olsun Allaha, əgər yeddi iqlimi və onların göylərinin altında olan bütün nemətləri ilə birlikdə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, bunu etmərəm! Həqiqətən, dünya mənim gözümdə çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin fani nemət və tez ötüb keçən ləzzətlərlə nə işi?!”
İslam rüşvətin bütün formalarını kəskin şəkildə tənqid edib. Tarix yazır ki, bir gün Həzrət Peyğəmbərə (s) valilərindən birinin hədiyyə adı altında rüşvət alması xəbərini verirlər. Həzrət (s) qəzəblənərək həmin şəxsə belə deyir:
"Nə üçün haqqın olmayan şeyi qəbul etmisən?!"
Həmin şəxs üzr istəyərək deyir:
"Ya Peyğəmbər, mənim aldığım şey hədiyyə idi".
Bu zaman Həzrət Peyğəmbər (s) belə buyurur:
"Əgər sən evdə otursan və mənim tərəfimdən vali olmasan, sənə yenə hədiyyə gətirəcəklərmi?”
Sonra Həzrət Peyğəmbər (s) "hədiyyə"nin o şəxsdən alınıb beytül- mala qatılması göstərişini verir və həmin şəxsi vəzifəsindən uzaqlaşdırır.
İslam hakimin gizli və hiss olunmayan rüşvətlərə düçar olmaması üçün onun hətta bazara getməməsi göstərişini verib. Çünki qiymətdə ona güzəşt edilməsi özündən asılı olmayaraq, ona təsir edə bilər və o, hökm çıxaran zaman ona güzəşt etmiş şəxsin tərəfini saxlaya bilər. Buna görə də yaxşı olar ki, müsəlmanlar öz ilahi kitablarından ilhamlansınlar və hər şeyi rüşvətxorluq bütünə qurban verməsinlər.
İslam rüşvət məsələsinə o qədər həssaslıqla yanaşıb ki, İmam Sadiq (ə) onun barəsində belə buyurub:
"Qəzavət məsələsində rüşvətə gəldikdə isə o, əzəmətli Allaha küfrdür”.
Həzrət Peyğəmbərdən (s) nəql edilmiş məşhur hədisdə belə deyilir:
"Allah rüşvət alana, verənə və o ikisinin arasında vasitəçilik edən şəxsə lənət etsin (onları Öz mərhəmətindən uzaqlaşdırsın)".