Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 92
Bəqərə surəsi, 190-193-cü ayələr
Bəqərə surəsi, 190-193-cü ayələr
وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ .١٩٠
وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُمْ مِنْ حَيْثُ أَخْرَجُوكُمْ وَالْفِتْنَةُ أَشَدُّ مِنَ الْقَتْلِ وَلَا تُقَاتِلُوهُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ حَتَّى يُقَاتِلُوكُمْ فِيهِ فَإِنْ قَاتَلُوكُمْ فَاقْتُلُوهُمْ كَذَلِكَ جَزَاءُ الْكَافِرِينَ .١٩١
فَإِنِ انْتَهَوْا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ .١٩٢
وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ لِلَّهِ فَإِنِ انْتَهَوْا فَلَا عُدْوَانَ إِلَّا عَلَى الظَّالِمِينَ .١٩٣
Ayələrin tərcüməsi
190\. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevmir.
191\. Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Fitnə qətldən daha pisdir. Onlar sizinlə Məscidül-həramın yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın. Əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
192\. Əgər çəkinsələr, şübhəsiz, Allah bağışlayan və mehribandır.
193\. Fitnə (bütpərəstlik və əsarət) aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (yanlış hərəkətlərdən) əl çəksələr, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur.
Ayələrin nazilolma səbəbi.
Bəzi təfsirçilər birinci ayə barəsində iki nazilolma səbəbi nəql ediblər. Birinci nazilolma səbəbinə görə bu ayə İslam düşmənləri ilə müharibə etmək barəsində nazil olmuş ilk ayədir. Bu ayə nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) müsəlmanlarla vuruşanlarla vuruşdu, vuruşmayanlarla isə vuruşmadı. Bu vəziyyət bütün müşriklərlə vuruşmaq icazəsi verən "müşrikləri öldürün" ayəsi nazil olana kimi davam etdi.
İkinci nazilolma səbəbi İbn Abbasdan nəql edilmişdir. İbn Abbas belə qeyd edir: "Bu ayə Hüdeybiyyə sülhü barəsində nazil olmuşdur. Həzrət Peyğəmbər (s) öz səhabələrindən 1400 nəfərlə birgə ümrə ziyarəti yerinə yetirmək üçün yola düşdü və Hüdeybiyyəyə (Məkkə yaxınlığında yer adıdır) çatanda müşriklər onların Məkkəyə daxil olub ümrə ziyarətini yerinə yetirmələrinə mane oldular. Onlar Həzrət Peyğəmbərlə (s) uzun danışıqlar apardıqdan sonra belə razılığa gəldilər ki, müsəlmanlar ümrə ziyarətini yerinə yetirmək üçün gələn il Məkkəyə gəlsinlər və o zaman müşriklər Həzrət Peyğəmbər (s) və səhabələrin təvaf edə bilməsi üçün Məkkə şəhərini üç gün müddətinə boşaldacaqlar. Növbəti il Məkkəyə getməyə hazırlaşan müsəlmanlarda belə bir qorxu var idi ki, müşriklər verdikləri vədə əməl etməz, onların şəhərə daxil olmasına mane olarlar və nəticədə müharibə baş verər. Həzrət Peyğəmbər (s) qarşıya hər hansı bir hadisə və ya müharibə çıxacağı təqdirdə, haram aylarda adam öldürməyin günah olmasından narahat idi. Həmin vaxt sözügedən bu məsələ barədə ayə nazil oldu və göstəriş verildi ki, əgər düşmən müharibəyə başlasa, siz də onlarla mübarizə aparın”.
Düşünürük ki, qeyd edilən birinci nazilolma səbəbi birinci ayə, ikinci nazilolma səbəbi isə sonrakı ayələrlə uyğun gəlir. Lakin ayələrin mənası onların hamısının birlikdə, ya da az fasilə ilə nazil olmasına dəlalət edir.
Ayələrin təfsiri.
Zalımlarla döyüş əmri.
Birinci ayədə Quran müsəlmanlara qılınc çəkən düşmənlərlə vuruşmaq və onlarla mübarizə aparmaq göstərişi verir. Başqa sözlə desək, həmin vaxt artıq müsəlmanların səbir və dözümlülüyü sona çatmışdı. Onlar şücaətlə və heç nədən çəkinmədən özlərini və hüquqlarını müdafiə etmək üçün kifayət qədər güc və qüvvə əldə etmişdilər. Buna görə də Quran belə buyurur: "Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun”.
"Allah yolunda" ifadəsi İslam müharibələrinin əsas məqsədinin nə olduğunu bəyan edir. İslam məntiqində müharibə əsla intiqam almaq, şan-şöhrət, ölkələri fəth etmək, qənimət əldə etmək və başqalarının ərazilərini işğal etmək məqsədi daşımır.
İslam bunların hamısını məzəmmət edərək buyurur ki, ələ silah almaq və cihada getmək ancaq Allah yolunda, ilahi qanunların yayılması, tövhid və ədalətin yer üzərində daha da yayılması, haqqın müdafiəsi, zülm, fəsad və məhvə səbəb olan şeylərin kökünün kəsilməsi məqsədi daşımalıdır.
İslam müharibələrini digər müharibələrdən fərqləndirən də məhz bu cəhətdir. Qeyd edilən məqsəd müharibənin bütün cəhətlərinə təsir edir və onun həm kəmiyyət, həm də keyfiyyətini, eləcə də silahların növünü, əsirlərlə davranış qaydasını “Allah yolunda” rənginə boyayır.
Rağibin "Müfrǝdat" kitabında qeyd etdiklərinə əsasən, ayənin ərəbcə orijinalında işlənmiş (səbil) sözünün mənası “gedilməsi asan olan yol"dur. Bəzi alimlər isə onun mənasının ancaq “haqq yol” olduğunu qeyd ediblər. Lakin bu sözün Qurani-Kərimdə həm haqq, həm də batil yol barəsində işlədilməsini nəzərə alıb belə ehtimal vermək olar ki, onun mənasının ancaq “haqq yol" olduğunu deyənlər bunu hər hansı kənar nişanələr və ya əlamətlərin köməyilə təsdiq edirlər.
Şübhəsiz, Allahın din və ayinlərini yerinə yetirmək bütün çətinliklərinə baxmayaraq, möminlər üçün olduqca asan və şirindir. Buna görə də möminlər sonu şəhidlik olsa belə, könüllü surətdə və aşkar şəkildə onun pişvazına gedirlər.
"Sizinlə vuruşanlarla" ifadəsindən də aydın şəkildə məlum olur ki, bu göstəriş silaha əl atan şəxslərlə mübarizə aparmaq üçündür. Düşmən döyüş və mübarizəyə qalxmayınca müsəlmanlar hücum etməməlidir. Qarşıda da qeyd edəcəyimiz kimi, bu prinsipə (bəzi istisnaları çıxmaqla) hər yerdə riayət edilib.
Bəzi təfsirçilər "sizinlə vuruşanlarla" ifadəsinin mənasını məhdudlaşdırıb, halbuki ayənin mənası çox genişdir və o, hər hansı bir formada döyüş və mübarizəyə qalxan şəxslərin hamısına şamil olur.
Həmçinin bu ayədən belə məlum olur ki, dinc əhali (xüsusilə də qadın və uşaqlar) əsla hücuma məruz qalmamalıdır. Çünki onlar döyüşə əl atmayıb və buna görə də toxunulmazdırlar.
Sonra döyüş meydanında da düşmənə qarşı ədalətə riayət etməyi tövsiyə edərək buyurur: "Lakin həddi aşmayın. (Çünki) Allah həddi aşanları sevmir”.
Allaha xatir və Allah yolunda müharibə edilən yerdə heç bir haqsızlıq edilməməli, heç kəsə qarşı hədd aşılmamalıdır. Elə məhz bu səbəbdən yaşadığımız əsrdə aparılan müharibələrdən fərqli olaraq, İslam müharibələrində çoxsaylı əxlaqi məqamlara riayət edilməsi tövsiyə edilmişdir. Məsələn, silahı yerə qoyan, döyüş qabiliyyətini itirən və ya əvvəldən vuruşmaq gücünə malik olmayan şəxslər – yaralılar, yaşlı kişi və qadınlar, uşaqlar hücuma məruz qalmamalı, bağlar, bitkilər, əkin sahələri məhv edilməməli, düşmənin içməli su mənbələrinə zəhərli maddələr atılmamalıdır (kimyəvi və virus müharibələri aparılmamalıdır).
"Nəhcül-bəlağə"də nəql edilənlərə əsasən, Əli (ə) Siffeyn müharibəsi başlamamışdan əvvəl səhabələrinə bu barədə hərtərəfli göstəriş verib. Həmin kəlam haqqında danışdığımız mövzunun ən dolğun dəlillərindəndir:
"Onlar (Şam qoşunu) sizinlə döyüşə başlamayınca siz müharibə etməyin (müharibəyə başlamayın). Çünki Allaha şükür olsun ki, sizin (haqq olmağınız barədə) dəlil və sübutunuz var. Sizin onlar döyüşə başlamayınca onlarla müharibəyə başlamamağınız onların ziyanına və sizin xeyrinizə olan digər bir dəlil-sübutdur. Buna görə də Allahın əmr və istəyi ilə məğlubiyyətlə üzləşsələr, qaçanları və yaralıları öldürməyin, zəif və acizlərə zərbə vurmayın, qadınları, hətta sizi söysələr, başçı və böyüklərinizə nalayiq sözlər desələr belə, incitməklə təhrik etməyin".
Bəzi təfsirçilər bir sıra hədislərə istinad edərək bu ayənin "cihaddan əl çəkin" ayəsinin nasixi olduğunu (onun hökmünü ləğv etdiyini) deyiblər. Bəziləri isə onun “müşriklərin hamısı ilə vuruşun” ayəsi ilə nəsx edildiyini deyiblər.
Lakin bu ayə nə hansısa bir ayəni nəsx edib, nə də hansısa bir ayə tərəfindən nəsx edilib. Çünki təcavüzkar kafirlərlə müharibə etməyin qadağan edilməsi müsəlmanların lazımi gücə malik olmadıqları dövrə aid idi. Lakin vəziyyət dəyişdikdən sonra onların vəzifəsi özlərini müdafiə etmək olub.
Həmçinin müşriklərlə vuruşmaq məsələsi, əslində, bu ayə barəsində bir istisna hesab edilir.
Buna görə də vəziyyət dəyişdikdən sonra hökmün dəyişməsi nə nəsx, nə də istisnadır. Lakin mövcud nişanələrdən belə məlum olur ki, hədislərdə, eləcə də keçmiş alimlərin kəlamlarında “nəsx" sözü bugünkü mənasından fərqli məna ifadə edib və onun geniş mənası bu kimi işlərə də şamil olub.
Əvvəlki ayədə qeyd edilən hökm növbəti ayədə daha da təkmilləşdirilir. Buyurulur: "Onları (müsəlmanlara zərbə vurmaqda heç bir cinayətdən çəkinməyən müşrikləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın".
Çünki bu, bir növ ədalətli müdafiə və onların əməllərinin məntiqi qarşılığıdır.
Daha sonra buyurur: “Fitnə qətldən daha pisdir". Təfsirçi və leksikoqraflar ayənin ərəbcə orijinalında işlənmiş (fitnə) sözünün mənasının nə olması barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bu sözün kökü (fətn) sözüdür. Rağibin "Müfrǝdat" kitabında yazdıqlarına əsasən, onun mənası “qızılın xalis hissəsinin qatışığından ayrılması üçün od üzərinə qoyulması"dır. Bəzilərinin nəzərincə isə, onun mənası “qızılın qatışığından təmizlənməsi üçün od üzərinə qoyulması"dır.
"Fitnə” sözü və ondan düzəlmə sözlər Quranda müxtəlif yerlərdə və müxtəlif mənalarda işlədilib:
O, bəzən "sınaq və imtahan" mənasında işlədilib. Məsələn, buyurur:
"İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!” – deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər?”
Bəzən isə “aldatmaq" mənasında işlədilib. Məsələn, buyurur:
“Ey Adəm övladları! şeytan sizi aldadıb yoldan çıxartmasın". Bəzən də "bəla və əzab” mənasında işlədilib: Məsələn, buyurur:
"Həmin gün onlara odun üzərində əzab veriləcəkdir. (Onlara deyiləcək:) "Dadın əzabınızı!"
Bəzən “azğınlıq” mənasında işlədilib. Məsələn, buyurur:
"Sən, Allahın qarşısında Onun azdırmaq istədiyi (və müvəffəqiyyətdən məhrum etdiyi) şəxsin qurtuluşu üçün heç bir gücə malik ola bilməzsən".
Bəzən də o, “şirk, bütpərəstlik, iman gətirənlərin yolunun kəsilməsi” mənasında işlədilib ki, buna misal olaraq, sözügedən ayəni və ondan sonra gələn bəzi ayələri göstərmək olar: "Şirk aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun”.
Görünən budur ki, (müştərək mənalı sözlərin çoxunda olduğu kimi) bu mənaların da hamısı "fitnə" sözünün mənası barədə qeyd edilən əsas və kök mənaya qayıdır. Çünki onun əsas mənası “qızılı saflaşdırmaq və xalisi qatışıqdan ayırmaq üçün güclü odun üzərinə qoymaq” olduğu üçün bu söz bir növ təzyiq və sıxıntı olan ayələrdə işlədilir. Məsələn, o, sınaq və imtahan barəsində işlədilir ki, sınaq adətən təzyiq və çətinliklə birgə olur. Həmçinin əzab sıxıntı və təzyiqin bir növüdür. Yaxud aldatmaq və hiylə təzyiq altında baş verir. Eləcə də şirk və insanların doğru yolu üzərində maneə yaratmaq da bir növ təzyiq və sıxıntıdır.
Xülasə, bütpərəstlik və ondan doğan müxtəlif fərdi və ictimai fəsadlar Məkkə torpağında geniş yayılmış və Allahın əmin-amanlıq evini şirk çirkabına bulaşdırmışdı. Bunun fəsadı qətl və adam öldürməkdən üstün idi. Buna görə də barəsində danışdığımız ayədə buyurulur ki, qan tökülməsi qorxusundan bütpərəstlərlə vuruşmaqdan əl çəkməyin. Çünki bütpərəstlik qətldən daha pisdir.
Bəzi təfsirçilər burada “fitnə” sözündə məqsədin ictimai fəsad olması ehtimalını da irəli sürmüşlər. Məsələn, möminlərin öz ana vətənlərindən didərgin salınması bəzən qətldən ağrılıdır, yaxud cəmiyyətdə qətl və qırğına səbəb olur. "Onfal" surəsinin 73-cü ayəsində belə oxuyuruq:
"Əgər siz bunları etməsəniz (kafirlərlə əlaqələri kəsmək barəsindəki göstərişləri yerinə yetirməsəniz), yer üzündə böyük bir fitnə-fəsad baş verər”. (Bu ayədə fitnə ilə fəsad bir-birinin yanında yer alıb)
Sonra bu barədə başqa bir məsələyə işarə edərək buyurur ki, müsəlmanlar həmişə Məscidül-həramın hörmətini saxlamalı, Allahın bu əmin-amanlıq evinin ehtiramını qorumalıdırlar: "Onlar (müşriklər) sizinlə Məscidül-həramın yanında vuruşmayınca siz də onlarla orada vuruşmayın”.
“Kafirlərin cəzası belədir”.
Amma "əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün.
Çünki həmin əmin-amanlıq məkanının hörməti pozulduqdan sonra sakit dayanmaq olmaz. Onlara tutarlı cavab verilməlidir ki, Allahın müqəddəs evinə qarşı bir də hörmətsizlik etməsinlər.
Lakin həmişə şirinlə acını, təhdid ilə müjdəni bir-birinə qarışdıran İslam günahkarlara sağlam və tərbiyəvi "şərbət" hazırlamaq üçün sonrakı ayədə onların üzünə qayıdış qapısı açaraq buyurur: “Əgər (müharibədən əl çəksələr və şirkdən) çəkinsələr, şübhəsiz, Allah bağışlayan və mehribandır”.
Əgər şirkdən əl çəksələr və fitnə-fəsad alovunu söndürsələr, sizin müsəlman qardaşlarınız olacaq və cinayətkarlar üçün nəzərdə tutulan cəza və cərimələr onlar barəsində tətbiq edilməyəcəkdir.
Bəziləri ayənin ərəbcəsindəki (əgər çəkinsələr) ifadəsinin mənasının “şirk və küfrdən çəkinmək”, bəziləri isə "Məscidül-hǝramda və ya onun ətrafında müharibə etməkdən çəkinmək" olduğunu qeyd etmişlər. Bu iki mənanı bir-biri ilə uzlaşdırmaq da mümkündür. Bu hissədə olan son ayədə İslamda cihadın məqsədinə işarə edərək buyurur: “Fitnə aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun”.
Daha sonra buyurur: "Əgər onlar (yanlış əməllərinə etiqad bəsləməkdən) əl çəksələr, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur”.
Bu ayənin zahirində cihad üçün üç məqsəd qeyd edilib: fitnələri yox etmək, şirk və bütpərəstliyi məhv etmək, zülm və sitəmin qarşısını almaq.
"Fitnə"də məqsədin “şirk” olması ehtimalı da var. Belə olan halda birinci məqsədlə ikinci məqsəd bir-birinə birləşərək eyni mənanı ifadə edir. Buradakı “zülm”də də məqsədin "şirk" olması ehtimalı var. Çünki “Loğman” surəsinin 13-cü ayəsində buyurulur:
"Allaha şərik qoşmaq böyük zülmdür”.
Beləliklə, qeyd edilən üç məqsədin hamısı bir məqsədə çevrilir və o, müxtəlif fitnə, zülm və sitəmlərin mənbəyi olan şirk və bütpərəstliklə mübarizədir.
Bəziləri də bu ayədəki “zülm”ün mənasının “müharibəyə başlamaq” və ya “Allahın əmin-amanlıq hərəmində müharibəyə başlamaq” olduğunu qeyd ediblər.
Lakin birinci ehtimal ehtimalı - ayədə cihad üçün üç məqsədin olması daha güclü görünür.
Şirk fitnənin və zülmün nümunələrindən biri olsa da, "fitnə" və “zülm” sözünün mənası şirkdən daha genişdir. Zülmün bəzən şirk kimi izah edilməsi onun nümunələrindən birini göstərmək qismindəndir.
İslamda cihadın məqsədi yer üzündə hökmranlıq və ölkələri fəth etmək, qənimət və satış bazarı əldə etmək, başqa ölkələrin yeraltı və yerüstü sərvətlərini talan etmək, hansısa bir irqi başqa irqdən üstün tutmaq deyil. İslamda cihadın məqsədi üç haldan biridir: insanların azadlıq və təhlükəsizliyini əlindən alan fitnə alovunu söndürmək, şirk və bütpərəstlik nişanələrini məhv etmək və eləcə də təcavüzkar və zalımlarla mübarizə aparmaq və onların qarşısında müdafiə olunmaq.
İncəliklər:
1\. İslamda cihad məsələsi.
Düz yoldan sapmış dinlərin bir çoxunda cihad mövcud deyil və hər şey tövsiyə və öyüd-nəsihət xarakterlidir. Hətta bəziləri silahlı cihadın İslamın əsas prinsiplərindən biri olduğunu eşidəndə dinin müharibə ilə müşayiət edilə bilməsinə təəccüb edirlər.
Lakin həmişə peyğəmbərlərin məqsədini özlərinə maneə hesab edən güclü və özbaşına insanlar, Fironlar, Nəmrudlar və Qarunlar olub və onların yeganə istəyi Allahın din və ayinlərini məhv etmək olmuşdur. Buna görə də həqiqi möminlər ağıl, məntiq və əxlaqa söykənməklə yanaşı, bu zalım və təkəbbürlü azğınların qarşısında dayanmalı və onları məhv etməklə öz yolları üzərindəki maneələri aradan götürməlidirlər.
Cihad canlı varlığın əlamətlərindən biri və həyatın qanunlarındandır. Bütün canlı varlıqlar - istər insan olsun, istərsə də heyvan və ya bitki öz həyatını davam etdirmək üçün ona təhlükə yaradan amillərlə mübarizə aparır. Bu barədə “Nisa" surəsinin 95-96-cı ayələrinin təfsirində daha geniş izah veriləcək.
Dinin hökumətlə sintez edilməsi və dini proqramlarda cihad hökmünün olması biz müsəlmanların iftixarıdır. Lakin İslamın buyurduğu cihadın məqsədinin nə olmasına diqqət etmək lazımdır. Çünki bizi başqalarından fərqləndirən həmin cəhətdir.
2\. İslamda cihadın məqsədləri.
Bəzi qərbpərəstlər İslam cihadını müdafiə cihadında məhdudlaşdırmaqda israrlıdırlar və onlar Həzrət Peyğəmbərin (s) zamanında və o Həzrətdən sonra baş verən bütün müharibələri bu istiqamətdə yozmağa çalışırlar. Halbuki nə əlimizdə buna işarə edən bir dəlil var, nə də Həzrət Peyğəmbərin (s) müharibələrinin hamısını həmin çərçivədə məhdudlaşdırmaq mümkündür. Buna görə də yaxşı olar ki, həmin yanlış qənaətlərin əvəzinə, Qurana üz tutaq və cihadın məqsədinin nə olduğunu Qurandan öyrənək. Həmin məqsədlərin hamısı tam məntiqə əsaslanır və onlar həm dost, həm də düşmən qarşısına çıxarılması mümkün olan məqsədlərdir.
İslamda cihad bir neçə məqsədə görə caiz hesab edilib:
a) Fitnələrin yatırılması məqsədi daşıyan cihad.
Başqa sözlə desək, xilaskar hücum cihadı. Allah-taala insanların xoşbəxtlik, azadlıq, təkamül, səadət və asayişi üçün bir sıra göstərişlər verib, proqramlar hazırlayıb və Öz peyğəmbərlərinin öhdəsinə həmin göstərişləri insanlara çatdırmaq vəzifəsi qoyub. Əgər hansısa şəxs və ya cəmiyyət həmin əmrlərin çatdırılmasını öz alçaq mənafeyinə maneə hesab etsə və peyğəmbərlərin yolu üzərində əngəllər yaratsa, bu halda peyğəmbərlər əvvəlcə dinc yolla, bu mümkün olmadıqda isə gücdən istifadə edərək həmin əngəlləri aradan qaldırmaq və azad təbliğat aparmaq haqqına malikdirlər.
Bütün cəmiyyətlərdə insanlar haqq yol carçılarının nidasını eşitmək və onu azad şəkildə qəbul etmək haqqına malikdirlər. Əgər kimlərsə onları həmin haqlarından məhrum etmək və Allah yolu carçılarının nidasının onların qulağına çatmasına, onların əqli və ictimai əsarət və köləlik zəncirindən azad olmasına mane olmaq istəsə, həmin ilahi proqram tərəfdarları bu azadlığı təmin etmək üçün bütün vasitələrdən istifadə etmək haqqına sahibdirlər. Buradan da İslam və digər səmavi dinlərdə hücum xarakterli cihadın zəruriliyi məlum olur.
Həmçinin kimsə möminləri öz əvvəlki dinlərinə qayıtmağa məcbur etsə, bu təzyiqi aradan qaldırmaq üçün də istənilən vasitədən istifadə etmək olar.
b) Müdafiə xarakterli cihad.
İnsanın hücuma məruz qalıb özünü müdafiə etməməsi, yaxud təcavüzkar və despot bir xalqın başqa bir xalqa hücum etməsi, hücuma məruz qalan xalqın isə əlini əlinin üstünə qoyub öz ölkə və xalqının məhvinə tamaşa etməsi düzgündürmü?!
Bütün ilahi və dünyəvi qanunlar qeyd edilən halda hücuma məruz qalmış şəxs və ya cəmiyyətə özünü müdafiə etmək üçün ayağa qalxmaq, bütün imkanlarından istifadə etmək və öz mövcudluğunu qorumaq üçün bütün məntiqi vasitələrdən yararlanmaq haqqı verir.
Cihadın bu növü müdafiə xarakterli cihad adlanır. Əhzab, Uhüd, Mutə, Təbuk, Hüneyn və sairə İslam müharibələri cihadın bu növünə aid olub, müdafiə xarakteri daşımışdır.
Hal-hazırda İslam düşmənlərinin çoxu müsəlmanları müharibəyə məruz qoyub onların torpaqlarını işğal edir və təbii sərvətlərini istismar edirlər. Belə olan halda İslam onların qarşısında susmağa necə icazə verə bilər?!
c) Məzlumları müdafiə məqsədi daşıyan cihad.
Cihadın Quranın digər ayələrində də işarə edilmiş başqa bir növü məzlumları müdafiə məqsədi daşıyan cihaddır. Nisa surəsinin 75-ci ayəsində belə oxuyurq:
"Nə üçün "Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən (Məkkədən) kənara çıxart, bizə Öz tərəfindən himayəçi göndər, yardımçı yolla!" – deyə dua edən aciz, çarəsiz hala salınmış kişilər, qadınlar və uşaqlar uğrunda Allaha xatir vuruşmursunuz?”
Quran müsəlmanlardan həm Allah, həm də zülmə məruz qalmış zəif kütlələrin azadlığı yolunda cihad etmələrini istəyir. Ümumiyyətlə, bu iki şey bir-birindən ayrı deyil. Qeyd edilən ayədə heç bir qeyd-şərt mövcud olmadığı üçün həmin məzlum və zəif kütlələr dünyanın harasında olsalar da, müdafiə olunmalıdırlar və onların yaxın və ya uzaqda, ölkənin daxilində və ya xaricdə olmasının heç bir fərqi yoxdur.
Başqa sözlə desək, zalımlar qarşısında məzlumları himayə etmək İslamın əsas prinsiplərindəndir və hətta cihadla nəticələnsə belə, ona əməl etmək lazımdır. İslam dünyada müsəlmanlara edilən təzyiqlər qarşısında laqeyd qalmağa icazə vermir. Bu, İslamın ən dəyərli göstərişlərindəndir və dinin haqq olmasından xəbər verir.
d) Şirk və bütpərəstliyi məhv etmək məqsədi daşıyan cihad İslam etiqad azadlığına hörmətlə yanaşır və heç kəsi məcbur şəkildə bu dinə dəvət etmir. Buna görə də səmavi kitabı olan xalqlara düşünərək İslamı qəbul etmək üçün kifayət qədər geniş fürsət verir. Əgər onlar İslamı qəbul etməsələr, onlarla “azlıqda olan müttəfiq” (zimmə əhli) kimi davranır. Onlarla çətin və mürəkkəb olmayan xüsusi şərtlər çərçivəsində birgə, dinc yaşayışa imza atır. Lakin şirk və bütpərəstliyə qarşı daha ciddidir. Çünki şirk və bütpərəstlik nə dindir, nə ayindir, nə də ehtirama layiqdir. Əksinə, o, bir növ xurafat, azğınlıq, ağılsızlıq, daha dəqiq desək, əqli və əxlaqi xəstəlikdir və nəyin bahasına olursa olsun, onun kökünü kəsmək lazımdır.
"Azadlıq və başqalarının fikirlərinə hörmət” anlayışı, heç olmasa, bir məntiqi kökü olan fikir və əqidəyə aid edilir. Lakin sapıntı, xurafat, azğınlıq və xəstəlik hörmət edilməyə layiq deyil. Buna görə də İslam cəmiyyətdə hətta müharibə etmək bahasına olsa belə, bütpərəstliyin kökünün kəsilməsi göstərişini verir. Bütxanalar və bütpərəstliyin digər ikrah doğuran nişanələri dinc yolla mümkün olmadıqda zor gücünə dağıdılmalıdır.
İslam yer üzünün şirk və bütpərəstlik çirkabından təmizlənməsini istəyir. Buna görə də müsəlmanlara müjdə verir ki, nəhayət, bir gün bütün dünyaya tövhid və təkallahlıq hakim olacaq, şirk və bütpərəstliyin kökü kəsiləcək.
Yuxarıda cihadın məqsədləri barədə deyilənlərdən belə məlum olur ki, İslam cihadı ağıl məntiqi ilə uyğunlaşdırıb və onu əsla hökmranlıq, ölkələrin fəth edilməsi, başqalarının hüquqlarının pozulması, hər hansı bir əqidənin zorla qəbul etdirilməsi, müstəmləkəçilik və istismarçılıq vasitəsi etməyib.
Lakin İslam düşmənləri – xüsusilə də, kilsə rəhbərləri və qərəzli şərqşünaslar həqiqətləri təhrif edərək cihad əleyhinə çoxlu sözlər deyiblər. İslamı öz etiqadını qəbul etdirməkdə qəddarlıq, zorakılıq və qılıncdan istifadə etməkdə günahlandırıblar.
Bizim nəzərimizcə isə, onlar İslamın öz zəngin təlimləri və dəqiq proqramı ilə dünyada irəliləməsindən qorxurlar. İslam barəsində yalançı və vahiməli təsəvvür yaratmaqla dünyada yayılmasının qarşısını almaq istəyirlər.
3\. Nə üçün cihad əmri Mədinədə nazil oldu?
Bildiyimiz kimi, müsəlmanlara cihad hicrətin ikinci ilində Mədinədə vacib olub və ondan əvvəl cihad vacib deyildi. Bunun da səbəbi aydındır. Çünki bir tərəfdən Məkkədə müsəlmanların sayı o qədər az idi ki, onların silahlı qiyam etməsi bilərəkdən özünü öldürmək və intihar etmək sayılardı. Digər tərəfdən Məkkədə düşmən çox güclü idi və onlar anti-İslam güclərinin əsas özəyi hesab edilirdilər. Buna görə də Məkkə daxilində onlarla mübarizə aparmaq mümkün deyildi.
Lakin Həzrət Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra çoxlu insan ona iman gətirdi və Peyğəmbər (s) öz dəvətini aşkar etdi. İslamı Mədinənin həm daxilində, həm də xaricində yayıb genişləndirdi. Beləliklə, Həzrət (s) layiqli hökumət qurdu, düşmənlə mübarizə və müharibə aparmaq üçün lazım olan vasitələri tədarük gördü. Mədinə ilə Məkkə arasındakı fasilə çox olduğu üçün bu iş asudəliklə həyata keçirildi, inqilabçı və azadlıqsevər qüvvələr düşmənlə mübarizə aparmağa və onunla vuruşmağa hazırlaşdı.