Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 98
Bəqərə surəsi, 203-cü ayə
Bəqərə surəsi, 203-cü ayə
وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ لِمَنِ اتَّقَى وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ .٢٠٣
Ayənin tərcüməsi
203\. Müəyyən günlərdə (zilhiccə ayının 11, 12 və 13-cü günlərində) Allahı yad edin. Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsǝ), (onun da) heç bir günahı yoxdur. (Bu,) çəkinənlər üçündür. Allah(ın əmrinə qarşı çıxmaq)dan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız.
Ayənin təfsiri.
Həcc barəsində son söz.
Bu ayə burada həcc mərasimindən danışılan son ayədir. O, ata- baba və keçmişdəkilərlə əsassız öyünmək barəsindəki cahiliyyət adətlərini məzəmmət və (bayram mərasimindən sonra) Allahı yad etməyi tövsiyə edir. Buyurur: “Müəyyən günlərdə Allahı yad edin”.
Bu göstərişi öncə qeyd edilən ayələrlə birlikdə nəzərə aldıqda belə məlum olur ki, o, həcc mərasiminin sonlarına – zilhiccə ayının hədislərdə “əyyami-təşriq” (nur saçan günlər) adlandırılan on bir, on iki və on üçüncü günlərinə aiddir. Adından da məlum olduğu kimi, həmin günlər insanın ruh və cisminə işıq saçaraq onu nurlandırır.
“Həcc” surəsinin 28-ci ayəsində Allahın adının “məlum günlərdə”, burada isə "müəyyən günlərdə” yad edilməsi qeyd edilib. Məşhur nəzərə əsasən, "məlum günlər" ifadəsinin mənası zilhiccə ayının ilk on günü, "müəyyən günlər" isə yuxarıda qeyd edilən "təşriq günləri"dir. Lakin bəzi təfsirçilər başqa ehtimallar da irəli sürmüşlər. Onların izahı "Hǝcc" surəsinin 28-ci ayəsinin təfsirində qeyd ediləcək.
Allahın yad edildiyi həmin zikrlərin nədən ibarət olmasına gǝldikdə isə hədislərdə on beş namazın – qurban bayramı gününün zöhr namazından başlayıb zilhiccə ayının on üçüncü gününün namazına kimi – ardınca insanı ilhamlandıran bu cümlələrin təkrar-təkrar deyilməsi tövsiyə edilib:
"Allahu əkbəru Allahu əkbər, la ilahə illəllahu vǝllahu əkbər; və lillahil-həmd, Allahu əkbəru əla ma hǝdana, Allahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam".
Həmin göstərişin ardınca belə buyurur: “Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsə,) (onun da) heç bir günahı yoxdur. (Bu,) çəkinənlər üçündür”.
Bu ifadə Allahın iki və ya üç gündə yad edilməsində bir növ azadlığın olmasına işarədir.
Zahirən “(bu,) çəkinənlər üçündür” cümləsi tələsib iki gündə zikr edənlərə aiddir. Yəni iki günlə kifayətlənmək bu cür şəxslərə aiddir. Əhli-beytdən (ə) nəql edilmiş hədislərdə "çəkinmək" dedikdə ov etməkdən çəkinməyin nəzərdə tutulması qeyd edilmişdir. Yəni chramda olarkən ov etməkdən, ümumiyyətlə, ehramda haram olan işlərdən çəkinmiş şəxslər qurban bayramından sonra Minada iki gün qala, onun ayinlərini yerinə yetirə, Allahı yad edə bilərlər. Lakin onlardan çəkinməyən şəxslər üç gün qalmalı, həmin ayinləri yerinə yetirməli və Allahı yad etməlidirlər.”
Bəzilərinin nəzərincə, "heç bir günahı yoxdur" cümləsi zəvvarlardan bütün günahların inkar edilməsinə işarədir. Yəni onlar sonu bu zikrlərin deyilməsi olan həcc ayinlərini yerinə yetirdikdən sonra - kamil iman və ixlasa malik olduqları təqdirdə, qəlb və ruhlarından bütün keçmiş günahları və günahların qalıqları təmizlənir və onlar bu mərasimdən bütün çirkinliklərdən təmizlənmiş və pak qayıdırlar.
Bu söz öz-özlüyündə düz olsa da, ayənin zahiri birinci məna ilə daha uyğundur.
Ayənin sonunda təqva barədə ümumi bir göstəriş verərək buyurur: "Allah(ın əmrinə qarşı çıxmaq)dan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız".
Yuxarıda qeyd edilən iki təfsirdən birinə əsasən, bu cümlə həcc mərasiminin keşmiş günahların təmizlənməsinə və insanın həmin mərasimdən sonra yeni doğulmuş uşaq kimi pak olmasına işarə ola bilər. Yəni diqqətli olun və ondan sonra yenidən özünüzü günah çirkabına bulaşdırmayın.