Əl-Bəqərə Surəsi • Təfsiri-Nümunə • Bölüm 99
Bəqərə surəsi, 204-206-cı ayələr
Bəqərə surəsi, 204-206-cı ayələr
وَمِنَ النَّاسِ مَنْ يُعْجِبُكَ قَوْلُهُ فِي الْحَيَاةِ الدُّنْيَا وَيُشْهِدُ اللَّهَ عَلَى مَا فِي قَلْبِهِ وَهُوَ أَلَدُّ الْخِصَامِ .٢٠٤
وَإِذَا تَوَلَّى سَعَى فِي الْأَرْضِ لِيُفْسِدَ فِيهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللَّهُ لَا يُحِبُّ الْفَسَادَ .٢٠٥
وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللَّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالْإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ .٢٠٦
Ayələrin tərcüməsi
204\. İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır.
205\. O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. (Halbuki bilir ki,) Allah fitnə-fəsadı sevmir.
Top 206. Ona: "Allahdan qorx!” – deyildiyi zaman (inadı çoxalır,) inad və təəssüb onu günaha sürükləyir. Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir!
Ayələrin nazilolma səbəbi.
Bu ayələrin nazilolma səbəbi iki cür nəql edilib:
1\. Bu ayələr Əxnəs ibn Şəriq barəsində nazil olub. O, gözəl simalı və xoş danışıqlı bir şəxs olub. O, zahirdə özünü Həzrət Peyğəmbəri (s) sevən şəxs kimi göstərər, müsəlman kimi qələmə verǝr, o Həzrəti (s) sevməsi və Allaha iman gətirməsi barədə and içərdi. Həzrət Peyğəmbərə (s) də insanlarla zahiri meyarlar əsasında davranmaq əmr olunduğu üçün onunla isti münasibət qurar, məhəbbət göstərərdi. Lakin o, batində münafiq idi və hətta bir hadisədə bəzi müsəlmanların əkin sahəsini yandırır, heyvanlarını öldürür. (Beləliklə, onun iç üzü məlum olur.) Həmin vaxt sözügedən ayələr nazil olur.
2\. Bəziləri İbn Abbasdan belə nəql ediblər: “Qeyd edilən ayələr İslam müharibələrinin birində (Rəci müharibəsində) nazil olub. Həmin vaxt Həzrət Peyğəmbər (s) tərəfindən Mədinənin ətraf bölgələrinə təbliğat üçün göndərilən təbliğatçıların bir dəstəsi namərdcəsinə hazırlanmış bir sui-qəsd nəticəsində şəhid olub.
Lakin birinci nazilolma səbəbi ayənin məzmunu ilə daha çox uyğun gəlir. Hər halda, bu ayələrdən çıxan dərslər ümumi, hamıya aid və həmişəlikdir.
Ayələrin təfsiri.
Yer üzündə fəsad törədənlərin aqibəti.
Birinci ayədə üstüörtülü şəkildə bəzi münafiqlərə işarə edərək buyurur: "İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır”.
Cala Ayənin ərəbcə orijinalında işlənmiş (ələdd) sözünün mənası “qatı düşmən”dir. Onun kökü "boyunun iki tərəfi" mənasını verən (lədid) sözüdür. O, hansı tərəfdən gəlməsindən asılı olmayaraq, düşmənə qalib gələn şəxs barəsində məcazdır. (xisam) sözünün məsdər mənası da var və onun mənası "düşmənçilik etmək”dir.
Sonrakı ayədə onun batini düşmənçiliyinin nişanəsi barədə belə buyurur: “O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. (Halbuki bilir ki,) Allah fitnə-fəsadı sevmir".
Bəli, Allah-taala onların işini belə faş edir və qəlblərində olanı Peyğəmbərə (s) xəbər verir. Əgər onlar İslam Peyğəmbərinə (s) və onun səhabələrinə izhar etdikləri sevgi və məhəbbətlərində səmimi olsaydılar, əsla belə bir iş görməz, əkin sahələrinə və heyvanlara qəddarlıqla hücum etməzdilər. Onlar zahirdə sevgi və məhəbbət göstərir, lakin batində rəhmsiz və qəddar düşməndirlər.
Təfsirçilərin çoxunun ehtimalına görə, ayənin ərəbcə orijinalındakı (iza təvəlla) ifadəsi “hökmranlıq etmək” mənasındadır. Yəni münafiqlər hökmranlıq etmək imkanı əldə etdikdə fəsad törətmək, dağıtmaq, Allahın bəndələri arasında zülm və haqsızlıq etməklə məşğul olur, abad yerlər onların zülm və sitəmi ilə viran qalır, heyvanlar məhv olur, insanların canı və malı bada gedir.
Ayənin ərəbcə orijinalında işlənmiş (hərs) sözünün mənası "ǝkin", (nəsl) sözünün mənası isə "övlad"dır. O, həm insanın, həm də insandan qeyrisinin övladı barəsində işlədilir. Buna görə də “hərs” və "nəsil"in məhv edilməsinin mənası bütün canlı varlıqları istər bitkilər olsun, istər heyvan, istərsə də insan məhv etməkdir.
"Hərs" və "nəsl" sözlərinin başqa təfsirləri də var. Məsələn, "qadınlarınız sizin tarlanızdır" ayəsini nəzərə alaraq bəziləri “hərs" sözündən məqsədin qadınlar, “nəsl” sözündən məqsədin isə “övlad” olduğunu deyiblər.
Bəziləri isə burada “hərs" dedikdə “din və ayin"in, “nəsl” dedikdə isə “insanlar”ın nəzərdə tutulduğunu deyib. (Bu təfsir "Məcməül- bəyan”da İmam Sadiqdən (ə) nəql edilmiş hədisə uyğundur.)
Hər halda, "əkinləri və nəsilləri məhv etməyə çalışır" cümləsi qısa və dolğun ifadədir və o, cəmiyyətdə mal və insanlar barəsində törədilən fəsada şamil olunur.
Sonra buyurur: “Ona: “Allahdan qorx!" - deyildiyi zaman (inadı çoxalır,) inad və təəssüb onu günaha sürükləyir”.
O, nə öyüd verənlərin nəsihətinə, nə də ilahi xəbərdarlıqlara qulaq asır. Beləcə, davamlı şəkildə qürur və lovğalıqla nalayiq işlərini artırır. Beləsini Cəhənnəm odundan başqa heç nə ram etməz. Buna görə də ayənin sonunda buyurur: “Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir”.
Bu, münafiqlərin çirkin və yaramaz xüsusiyyətlərindən biridir. Onlar təəssübkeşlik, mənasız inadkarlıq və kobudluq nəticəsində heç bir həqiqətə təslim olmurlar. Bu təəssübkeşlik və məğrurluq onları ən pis günaha sövq edir. Şübhəsiz ki, bu “əyri çubuqlar"ı Cəhənnəm odundan başqa heç nə düzəldə bilməz.
Bəzi təfsirçilərin nəzərincə, Allah-taala yuxarıdakı ayədə bu şəxsləri beş xüsusiyyətlə təsvir edib:
1\. Aldadıcı sözlər danışarlar.
2\. Qəlbləri çirk və zülmət içindədir.
3\. Ən qəddar düşməndirlər.
4\. Fürsət tapdıqda nə insanlara rəhm edirlər, nə də heyvan və ǝkinlərə.
5\. Məğrurluq və lovğalıqdan heç bir öyüd verənin nəsihətini qəbul etmirlər.