Əqaid
23.04.2008
Dünyanın hal-hazırki vəziyyətini nəzərə aldıqda, cinayətləri, ölümləri, müharibələri,
nahaq axıdılan qanları, beynəlxalq ixtilafları, əxlaqi fəsadları müşahidə etdikdə insan bu
vəziyyətin nə vaxtadək davam edəcəyini düşünür. Bu cinayətlərin qarşısı alınmayacaqmı?
Əxlaqi fəsadlar üfunətli bataqlıq kimi daima insanları özünəmi çəkəcək? Yoxsa, nicat və
İslam üçün bir ümid yeri var? Bu mühüm sualın qarşısında iki cavab durur. Birinci cavabı
materialistlər verib deyirlər: «Dünyanın gələcəyi zülmətə doğru gedir. Hər bir an gözlənilən
təhlükələr yarana bilər».
Lakin səmavi şəriətlərə inanan şəxslər, xüsusən müsəlmanlar, xüsusən də şiələr bu
suala başqa cür cavab verirlər. Onlar deyirlər ki, bu zülmət gecənin bir sonu var. Vaxt
gələcək bu ölüm buludları başımızın üstündən çəkilib gedəcək, parlaq günəş bütün səmanı
əhatə edəcək. Bu çətinliklər həmişə bizimlə olmayacaq. Yaxında nicat sahili gözə görünür.
Aləm böyük bir islahedici intizarındadır. O, gələrək yer üzünü ədalətlə dolduracaq.
Bütün məzhəblərə xidmət edən adamlar bu islahedicini bir adla tanıyırlar.
Fitrət və böyük islahedicinin zühuru
Bəzən ağıldan da üstün olan batini ilhamlar, təkcə Allahı tanıma bölməsində yox,
əksinə, bütün əqidə məsələlərində bizə rəhbərlik edə bilər. Bu ilhamlar bu məsələdə də bizə
rəhbərlik edir. Bunun nişanələri: Ən əvvəl, bütün insanlar ümumi ədalətin bərqərar
edilməsini istəyirlər. Çünki insanların hamısı ədalət aşiqidirlər. Hamı dünyada sülhün,
ədalətin bərqərar olunmasını istəyir və bunun üçün əllərindən gələni edirlər.
Böyük bir islahedicinin zühurunun fitri olduğuna bundan yaxşı dəlil ola bilməz. Çünki
bir şeyin, bir istəyin ümumiliyi, onun fitri olduğunu bildirir (Diqqətli olun). Hər fitri eşq bir
məşuqun olduğunu bildirir. Necə ola bilər ki, Allah bu eşqi insanın vücudunda yaratsın, lakin
bu eşqi təmin etmək üçün bir məşuq yaratmasın? Buna görə də deyirik ki, insanların ədalət
tələb edən fitrəti nəhayət dünyanın ədalətlə dolacağını iddia edir. Zülm itib aradan gedərək.
Bəşəriyyət vahid bir dövlət kimi bir bayraq altında birləşib yaşayacaq.
İkincisi, bütün din və məzhəblərin böyük bir islahedicinin zühuruna olan intizarıdır.
Bütün dinlərdə bu məsələ xüsusi yer tutur. Böyük bir islahedicinin zühuruna inam təkcə
müsəlmanlar arasında deyil. Əldə olan sübutlar göstərir ki, bu əqidə bütün məzhəb və dinlər
arasında, şərq və qərbdə, bütün millətlər arasında nüfuz tapmış bir əqidədir. İslam dini
kamil bir din olduğu üçün bu məsələdə daha çox təkid edir.
Zərdüştilərin tanınmış kitabı olan «Zənd»də deyilir: «Qələbə, zəfər saleh insanlarla
olacaq. Pislərin kökü isə kəsiləcək. Aləm öz həqiqi səadətinə yetişəcək, Bəni- Adəm
xoşbəxlik taxtına əyləşəcək.» «Camasibnamə» kitabı Zərdüştün1 dilindən deyir: «Ərəblərdən
71
başı yekə, iri bədənli, iri topuqlu bir kişi çıxıb camaatı öz cəddinin dininə dəvət edəcək. O,
əzəmətli bir qoşunla yer üzünü ədalətlə dolduracaq.» Hindlilərin «Veşn Cuk» kitabında
yazılmışdır: «Nəhayət, dünya Allahı sevən və onun xas bəndələrindən olan bir nəfərə nəsib
olacaq.» Hindlilərin «Bask» kitabında deyilir: «Dünya adil bir rəhbərin başçılığı ilə sona
yetəcək. Bu adil rəhbər mələklər, insanlar və pərilərin rəhbəri olacaq. Haqq onunla
olacaqdır. Dağ, yer və dənizdə gizli olan şeylərin hamısı onun ixtiyarında olacaq. O, yer və
göydən xəbər verəcək. Ondan böyük bir şəxsiyyət dünyaya gəlməyəcək.» Davudun
«Məzamir» kitabında deyilir: «Pis insanların kökü kəsiləcək. Allaha arxalananlar isə yer
üzünün sahibi olacaqlar. Düz danışanlar yer kürəsinin sahibi olub həmişə ona rəhbərlik
edəcəklər.» Buna bənzər bir cümlə Tövratın «Əşiyanın kitabı» bölməsində də vardır.
Mattanın İncilinin 24-cü fəslində deyilir: «Günəşin məşriqdən çıxıb məğribə qədər parladığı
kimi insanlar da parlayacaqlar.» Lukanın İncilinin 12-ci fəslində deyilir: «Kəmərlərinizi
bağlı, çıraqlarınızı yanıq saxlayın. Öz ağalarının intizarını çəkənlər kimi olun. Ağaları nə vaxt
gəlib qapını döysə, onlar dərhal qapını açmağa hazırdırlar».
«Əlaimuz-zühur» (Zühurun nişanələri) kitabında yazılmışdır: «Çinlilərin qədim
kitablarında, hindlilərin məzhəbində, skandinaviyalı və meksikalı kimi insanlar arasında da
böyük bir islahedicinin zühuruna inam vardır.»
Əqli dəlillər
A).Dünyada olan nizam-intizam bizlərə öyrədir ki, nəhayət, bəşər ədalətə və ədalətli
bir rəhbərə tabe olmalıdır. Bu dünya, bildiyimiz kimi, nizam-intizamdan ibarət bir topludur.
Bu dünyadakı qayda-qanun, nizam-intizam, onun bir olduğuna və rabitəsinə sübutdur.
Nizam, qanun, proqram, hesab və bu kimi işlər dünyanın əsas məsələlərindən biridir. Böyük
kəhkəşanlardan tutmuş, iynə ucu boyda olan yerdə milyonlarla sığışa bilən atoma qədər hər
şey bu nizam-intizama tabedir. İnsanın bədən üzvlərinin hər biri, kiçik bakteriyalardan
tutmuş, bədənin əsas üzvlərindən olan beyin və qəlbi hərəkətə gətirən damarlara qədər
hamısı proqram və nizam üzrə işləyirlər. Bəzi alimlərin dediyinə görə, insanın bədən
üzvlərinin hər biri çox düzgün işləyən saat kimi bədəndə hərəkətdədirlər. Ən diqqətli və son
markalı kompyüterləri də bədən üzvlərinə tay etmək olmaz. Bu cür proqram, nizam
intizama malik olan dünyada nizam-intizamsız yaşamaq olarmı? Ədalətsizliyin əsas
amillərindən bir olan ictimai və əxlaqi fəsadlar daima bəşəriyyətə hakim ola bilərmi?
Belə nəticəyə gəlirik ki, bu dünyanın nizam-intizamını müşahidə etmək bizləri
nəhayətdə ədalətə, nizam-intizama, qayda-qanuna tabe olmağa gətirib çıxaracaq. Bununla
da insanlar əsl yollarını tapacaqlar.
B)Cəmiyyətin təkamülə irəliləməsi, bəşəriyyətin gələcəyinin parlaq olmasına daha bir
sübutdur. Biz bəşərin özünü tanıdıqdan sonra bir an belə olduğu mərhələdə qalmadığını və
daim irəliləməyə cəhd göstərdiyini inkar edə bilmərik.
Madiyyat nöqteyi-nəzərindən, (ev, geyim, yemək, nəqliyyat) insan daim irəliləmək
istəyindədir. Əvvəl sadə bir evdə yaşayırdı, bir müddət keçdikdən sonra gözəl bir evdə
yaşayır. Yenə də irəliləməyə can atır. Bu hərəkət beləcə də davam edir. Elm və mədəniyyət
cəhətdən də təkamülə doğru irəliləyirik. Yeni kəşflər, icadlar buna açıq-aşkar sübutdur.
Nəhayət, təkamül mənəvi və əxlaqi cəhətlərdə də öz işini görür. Bəşəriyyəti ədalətli bir
qanuna, sülhə, əxlaqi və mənəvi dəyərlərə dəvət edir. Əgər əxlaqi fəsadların çoxaldığını
müşahidə ediriksə, bunun özü də təkamülə tərəf irəliləyişə səbəb olur. (Əxlaqi fəsadların
çoxaldığını gördükdə məcbur olub bəzi işlərin qarşısını alırıq.) Bu, əxlaqi pozğunluqları
çoxaltmaq lazım olduğu anlamına gəlməz. Bu o deməkdir ki, əxlaqi pozğunluqlar çoxalarsa,
insan onun qarşısını almağa məcbur olur. İnsanlar bu pozğunluqlar nəticəsində çıxılmaz
vəziyyətə düşdükdə məcbur olub öz işlərindən əl çəkməli olacaqlar. Bunun özü də bir növ
təkamüldür.
Quran və Mehdinin(ə.c.) zühuru
72
Quranda Mehdinin(ə.c.) zühuruna aid bir çox ayələr var. Biz bu ayələrin yalnız birini
qeyd etməklə kifayətlənirik: «Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə onları
özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini vəd buyurmuşdur.» (Nur,55)
Bu ayə yer üzünün aqibətinin möminlərin əlində olacağını və onların dünyaya hakim olub
onu idarə edəcəklərini bildirir. Həmin ayənin ardınca Allah daha üç vəd verir: «Möminlər
üçün onların Allahın özü bəyəndiyi dinini (İslamı) möhkəmləndirəcəyini (hər tərəfə
yayacağını), onların qorxusunu sonra əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini və yer
üzündən küfr və nifaqın aradan qalxacağını vəd etmişdir.»
İmam Zeynül Abidin(ə) bu ayənin təfsirində buyurur: «Allaha and olsun ki, ayədə vəd
olunan şəxslər bizim şiələrdir. Allah bu vədi bizim nəsildən olan bir kişinin vasitəsilə həyata
keçirəcək. O kişi bu ümmətin Mehdisidir.»1
Mehdi(ə.c.) hədis mənbələrində
Peyğəmbərin ailəsindən Mehdi(ə.c) adlı bir şəxsin dünyaya sülh və ədalət əsasında
hakimlik edəcəyi barədə şiə və sünni mənbələrində o qədər hədis var ki, bu işə heç kimin
şübhəsi qalmamışdır. Şiə mənbələrində bu şəxsin on ikinci imam olduğu, imam Hüseynin(ə)
nəsl şəcərisindən doqquzuncu övladı və imam Həsən Əskərinin(ə) oğlu olduğu haqda da
çoxlu hədislər vardır.
Mehdinin(ə.c.) zühuru barədə sünni mənbələrindən bunu demək yetər ki, bütün sünni
alimləri öz kitablarında onu açıq-aşkar qeyd etmişlər. Hətta son zamanlarda Hicazın böyük
elmi mərkəzlərinin birində çap olunmuş «İslam aləminin əlaqəsi» kitabında yazılmışdır ki:
«O, (Mehdi) Peyğəmbərin hədislərdə xəbər verdiyi Raşidi xəlifələrinin on ikincisidir.
Mehdiyə aid olan hədisləri səhabələrin bir çoxu Peyğəmbərdən rəvayət etmişlər.» Bu
səhabələrdən iyirmisinin adını çəkdikdən sonra belə yazır: «Onlardan başqaları da bu
hədisləri rəvayət etmişlər. Bəzi sünni alimləri Mehdi(ə.c.) haqqında ayrıca kitablar
yazmışlar. O cümlədən, Əbu Nəim İsfahani, İbn Həcər Heysəmi, Şövkani, İdris Mərakeşi, Əbül
Abbas ibn Əbdül Mömin.» Daha sonra yazır: «Keçmiş böyük alimlərin bir qismi və hal
hazırda sünni alimlərin bir qismi Məhdi(ə.c.) haqqındakı hədislərin həddən artıq çox
olduğunu bildirmişlər.» Bu alimlərdən bəzilərinin adını çəkdikdən sonra sözünü beləcə başa
çatdırır: «Hədis söyləyənlərdən bəziləri Məhdi(ə.c.) haqqındakı hədislərin həm düzgün, həm
də bəyənilmiş hədislər olduğunu bildirmişlər. Mehdinin qiyam və zühuruna inanmaq
vacibdir. Bu əqidə sünni və şiələrin qəti əqidələrindən biridir. Mehdinin zühurunu cahil və
bidətçi şəxslərdən başqa heç kim inkar etmir.»
Şiələrin Mehdi(ə.c.) barədəki hədisləri haqqında
Bilmək kifayət edər ki, bu barədə peyğəmbər(s) və imamlardan yüzlərlə hədis müxtəlif
rəvayət söyləyənlər tərəfindən söylənilmişdir. Bu məsələ şiələrin əqidə məsələlərindən
birinə çevrilmişdir. Şiələrin arasında olub onların Mehdiyə olan etiqadından, onun
xüsusiyyətləri və zühurunun əlamətlərindən xəbəri olmayan şəxs yoxdur. Şiə alimləri lap
qədim zamanlardan bu barədə kitablar yazmış və Mehdi(ə.c.) haqqındakı hədisləri yığıb
toplamışlar. Nümunə üçün bu hədislərin bir neçəsini sizin nəzərinizə çatdırırıq. İslamın əziz
peyğəmbəri Həzrət Mühəmməd(s) buyurmuşdur: «Əgər dünyanın sonuna bir gün də qalmış
olsa, Allah o günü mənim Əhli-beytimdən olan bir kişinin gəlib dünyanı zülm və fəsadla
dolduğu kimi ədalətlə dolduracağı günə qədər uzadar.1» İmam Sadiq(ə)-dan olan başqa bir
hədisdə oxuyuruq: «Mehdi(ə.c.)qiyam etdikdə hökuməti ədalət əsasında quracaqdır. Onun
dövründə zülm, zorakılıq itib aradan gedəcək, yollarda onun sayəsində əmin-amanlıq
olacaq, yer öz bərəkətlərini aşkar edəcək, bütün haqlar öz sahiblərinə qaytarılacaq. O,
camaat arasında Davud peyğəmbər və Məhəmməd peyğəmbər kimi hakimlik edəcək. Yerdə
olan bütün xəzinələr, bərəkətlər üzə çıxacaq. Heç kim sədəqə vermək üçün kasıb
tapmayacaq. Çünki bütün möminlər ehtiyacsız olacaqlar.1»
73
Bir daha xatırladaq ki, Mehdi(ə)-nin qeyb olduğunu dövrdə müsəlmanların rəhbərliyini
ümumi naibləri, yəni, din alimləri öhdələrinə götürürlər.
Fikirləşin və cavab verin:
1.Dünyanın gələcəyi haqqında materialistlərlə Allaha ibadət edənlərin nəzəriyyələri
arasında nə fərq var?
2.Fitrət vasitəsilə Mehdi(ə.c.)-nin zühuruna inanmaq olarmı? Necə?
3.Mehdi(ə.c.)-nın zühuruna dair əqli dəlil varmı? O hansı dəlildir?
4.Quran bu barədə nə deyir?
5.Mehdi(ə.c.)-nin zühuru hədis mənbələrində hansı mövqeyi tutur?