Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Həzrət Muhəmməd (s) 05.01.2025

“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” – Həzrət Peyğəmbər (s) özü barədə

Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir. 1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”. 2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”. 3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”. 4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Adəm övladlarının seyyidiyəm”. Həzrət (s) başqa yerdə buyurur: “Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur”. 5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı – mənəm”. 6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – göndərilmişlərin rəhbəriyəm. Mən – peyğəmbərlərin xatəmiyəm. Mən – ilk şəfaət edən və ilk şəfaət olunanam”. 7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: “Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: “Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?””. 8. İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir: 1. Mən bütün aləmlər üçün göndərilmişəm. 2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir. 3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq). 4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi. 5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”. 6. Ümümdünya risalətinə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən o kəslərin rəsuluyam ki, həyatım zamanında onları dərk etmişəm və o kəslər ki, məndən sonra dünyaya gələcəklər”. (Erfan/Deyerler.org/)

Həzrət Muhəmməd (s) 05.01.2025

Peyğəmbərin (s) dəvətinin cahanşümul olması

وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ “Biz səni bütün insanlara müjdə verən və xəbərdarlıq edən (bir peyğəmbər) kimi göndərdik. Lakin insanların çoxu (bunu) bilmir.” (Səba, 28). İzah: İslam dininin zərurətlərindən biri İslam peyğəmbərinin (s) dəvətinin cahanşümul olması və həmçinin o həzrətin (s) sonuncu peyğəmbər olmasıdır. Tarixi dəlillərdən başqa – məsələn, İslam peyğəmbərinin (s) dünya ölkələrinin başçılarına məktublar yazması, – bir çox Quran ayələri də bu məsələyə dəlalət edir. “Ey insanlar!”, “Ey Adəm övladı!” kimi müraciətlər bunu təsdiq edir. Həmçinin, yəhudilik və xristianlıq kimi digər dinlərin ardıcıllarını dəvət etməsi o dinlərin qüvvədən düşməsini və hamının İslam dininə tapınması zərurətini göstərir. Bu dəlillərlə yanaşı bəzi ayələr də vardır ki, birbaşa o həzrətin (s) dəvətinin cahanşümul olmasını aydın ifadə edir. Bu ayələrdən biri yuxarıdakı ayədir ki, İslam peyğəmbərinin (s) nübuvvət məqsədinin bütün insanlara müjdə vermək və xəbərdarlıq etmək olduğunu bildirir. Qeyd edək ki, bu ayələr həm Peyğəmbərin (s) dəvətinin cahanşümul olmasına, həm də əbədi və bütün dövrlərə aid olmasına işarə edir. Hədis: İslam peyğəmbəri (s): “Mən, mənimlə (eyni dövrdə) yaşayanların və məndən sonra dünyaya gələcək insanların peyğəmbəriyəm.” (Kənzül-ümmal, c. 11, səh. 404, hədis: 31885).

Həzrət Muhəmməd (s) 04.01.2025

Axirətdə Peyğəmbərin (s) razılığı

Bəzi rəvayətlərdə bu ayə Quranın ən ümidverici ayəsi kimi dəyərləndirilmişdir. وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ “Tezliklə Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan.” (Zuha, 5). İzah: Allahın Peyğəmbərə (s) – yuxarıdakı ayədə xəbər verdiyi – ən böyük bəxşişi dünya və axirətdə ona Öz lütf və mərhəmətini bəxş etməsidir. Öz lütf və rəhmətini ona o qədər verir ki, o razı qalır. Dünyada onun dinini cahanşümul və əbədi edir. Axirətdə isə xüsusi nemətlərini bəxş edəcəkdir. Bildiyimiz kimi, o həzrət (s) insanların ümmətinə ən can yandıranı idi. Bütün səyini onların hidayət olunmasına yönəltmişdi. Ən böyük arzusu onların səadəti idi. Buna görə də onun tam razı qalması ümmətinin hidayətindən asılıdır. Məhz bu səbəbdən də bəzi rəvayətlərdə bu ayə Quranın ən ümidverici ayəsi kimi dəyərləndirilmişdir. Çünki o həzrətin (s) günahkarları şəfaət etməsinin qəbul olunacağından xəbər verir. O günahkarlar ki, Allahın və peyğəmbərinin özləri üzərindəki qəyyumluğunu qəbul etmiş, amma nəfsani yanlışlara düşmüş, ehtirasların əsiri olmuşlar. Hədis: İslam peyğəmbəri (s): “Hər bir peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən öz istəyimi Qiyamət günü ümmətimi şəfaət etmək üçün saxlamışam.” (Xisal, səh. 29, hədis: 104).

Həzrət Muhəmməd (s) 04.01.2025

Peyğəmbərlərin göndərilmə zərurəti

Peyğəmbərlərin göndərilmə zərurəti Allah insanı azad (ixtiyar sahibi) yaratmışdır رُسُلًا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا “(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.” (Nisa, 165). İzah: Peyğəmbərlərin (ə) göndərilmə zərurəti dörd müqəddiməni yanaşı qoyduqda aydın olur: 1. Allah insanı azad (ixtiyar sahibi) yaratmışdır. 2. Xeyir və şər (yaxşı və pis) yolu tanımaq üçün bilik və məlumata ehtiyac var. 3. Allahın hikməti tələb edir ki, xeyir və şəri düzgün tanımağın yolunu insanın ixtiyarına versin və insan azad ikən bilmədən yolunu azmasın. 4. İnsanın zəka və hissi təkbaşına bütün yaxşı və pis işləri anlamaq qabiliyyətinə malik deyil. Nəticə: Allah bəndələri üçün başqa bir yol nəzərdə tutmalıdır ki, onun vasitəsilə yaxşı və məsələhətli işləri pis və xoşagəlməz işlərdən ayırd edib səadətə qovuşsunlar. Bu ikinci yol peyğəmbərlərin göndərilməsidir. Odur ki, peyğəmbərlərin göndərilməsinin ən mühüm səbəbi bütün idrak zəminlərini tədarük görmək və insanların bəhanəsini kəsməkdir. Hədis: İmam Sadiq (ə): “Biz, (bəndələrin münasibət qura bilmədiyi) Uca və Ulu bir Tanrının olduğunu sübut etdikdə aydın olur ki, onun elçiləri olmalı, Onun sözünü camaata çatdırmalı və bəndələri xeyir və ziyanlarına yönləndirməlidirlər.” (Kafi, c. 1, səh. 68, hədis: 1).

Həzrət Muhəmməd (s) 04.01.2025

Həzrət Muhəmmədin (s) həyatından dərslər

Həzrət Muhəmmədin (s) həyatından dərslər Elm öyənmək və tədris etmək . Qurani-kərim Əhzab surəsinin 21-ci ayəsində buyurur: لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا “Həqiqətən, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulu çox gözəl (nümunə və) örnəkdir!” . Bəli, həzrət Muhəmməd (s) bəşəriyyətə ən gözəl nümunədir. Biz İslamın yaşayış tərzinə yiyələnə bilmək üçün o həzrətin həyatından dərs almalıyıq. Dostlar, elm öyrənmək və öyrəndiklərini tədris etmək İslamın önəm verdiyi ən mühüm mövzulardandır. Hazırkı dünyamızda heç bir dini yaxud dünyəvi və fəlsəfi məktəb elm öyərənmək və öyrətməyə İslamın verdiyi dəyəri verməmişdir. “Allahın Rəsulu həzrət Muhəmməd (s) Mədinə məscidinə daxil olduğu zaman gözü iki dəstəyə sataşdı. Onların hər biri bir guşəyə çəkilmiş və öz işləri ilə məşğul idilər. Dəstələrdən biri ibadət və zikrlə, o biri dətsə isə tədris və təhsil, elm öyrənmək və öyrətmək ilə məşğul idilər. Həzrət Muhəmməd (s) hər iki dəstəni seyr etdi. Onları bu şəkildə görmək (yəni mənasız işlərlə deyil, dünya və axirət faydasına, həmçinin kamilliyə səbəb olan işlərlə məşğul idilər) Allah Rəsulunun (s) sevincinə səbəb oldu. Öz ətrafında olanlara üzünü tutub dedi: “Bu iki dəstənin hər biri yaxşı işlə məşğuldurlar. Onlar xeyir və səadətdədirlər”. Sonra öz sözünə bir cümlə də əlavə etdi: “Lakin mən təlim vermək və öyrətmək üçün göndərilmişəm”. Bunu deyib təlim və tədrislə məşğul olan dəstəyə tərəf getdi və onların məclisində (yanında) oturdu.” Doğruların dastanı 11-ci səhifə Sevimli Peyğəmbərimizin (s) bu rəftarı bizə dərsdir. Biz hər bir yerə gedərkən orada müxtəlif insanların ayrı-ayrı dəstələrdə oturub müxtəlif işlərlə məşğul olduqlarını gördükdə vəzifəmizi bilməli, başqa sözlə İslamın yaşam tərzini seçməliyik. Məsələn, çayxana və sair ictimai yerlərdə (hətta virtual sosial şəbəkələrdə) elm öyrənmək və maariflənmək ilə məşğul olan dəstənin yanına getməli və onlarla oturmalıyıq. Başqa bir hədisdə oxuyuruq: جاء رجل من الأنصار إلى النبي صلى الله عليه وآله فقال يا رسول الله إذا حضرت جنازة ومجلس عالم أيهما أحب إليك أن أشهد ؟ فقال رسول الله ( صلى الله عليه وآله ) : إن كان للجنازة من يتبعها ويدفنها فإن حضور مجلس عالم أفضل من حضور ألف جنازة ، ومن عيادة ألف مريض ، ومن قيام ألف ليلة ، ومن صيام ألف يوم ، ومن ألف درهم يتصدق بها على المساكين ، ومن ألف حجة سوى الفريضة ، ومن ألف غزوة سوى الواجب تغزوها في سبيل الله بمالك ونفسك وأين تقع هذه المشاهد من مشهد عالم ؟ أما علمت أن الله يطاع بالعلم ويعبد بالعلم ؟ وخير الدنيا والآخرة مع العلم ، وشر الدنيا والآخرة مع الجهل ؟ “Mədinə əhalisindən olan bir nəfər həzrət Muhəmmədin (s) yanına gələrək dedi: -Ey Allahın peyğəmbəri (s)! Əgər bir tərəfdə vəfat etmiş müsəlmanın dəfni o biri tərəfdə isə elm məclisi olarsa o ikisindən hansını seçməyimi istəyərdiniz? Həzrət Muhəmməd (s) buyurdu: Əgər vəfat etmiş müsəlmanı dəfn etməyi (qüsl vermək, kəfənləmək, meyit namazı qılmaq və basdırmağı) öhdəsinə götürmüş insanlar vardırsa bu halda (dəfndə yox) alimin olduğu elm məclisində iştirak etmək vəfat etmiş min müsəlmanın dəfnində iştirak etməkdən, min nəfər xəstəyə baş çəkməkdən, min gecə-gündüz müstəhəb namaz qılıb oruc tutmaqdan, min ehtiyaclı insana sədəqə verməkdən, min dəfə müstəhəb həccə getməkdən, malı və canı ilə Allah yolunda min müstəhəb (vacib olmayan) döyüşdə vuruşmaqdan daha üstündür. Bunlar alimin məclisində oturmağa bərabər olarmı heç?! Məgər Allaha ibadət və itaət elm və maarifə bağlı olduğunun, dünya və axirətin xeyirinin elm ilə ancaq dünya və axirətin şərinin (pisliyinin) isə nadanlıq və cəhalət ilə olduğunu bilmirsənmi?!” Biharul-ənvar 1-ci cild 204-cü səhifə . Dostlar, baxın, elm və maarifə bu qədər dəyər verən dini ya qeyri-dini məktəbə rast gəlmisinizmi? Tarixi sənədlərə əsasən “müsəlmanlar ilə müharibə edən müşriklər (kafirlər) əsir düşdükdə həzrət Muhəmməd (s) əsirlərinin hamısının bir yerə toplanmasına göstəriş verər və əsirlərin qarşısında bunları deyərdi: “Əgər sizin aranızdan savadlı olan hər hansı biriniz on nəfər müsəlmana yazıb-oxumağı öyrədərsə əsirlikdən azad ediləcəkdir.” Məgər bəşər tarixi əsirlərin azadlığına belə bir şərt qoyulan hadisə ilə rastlaşıbmı? Bu nümunələri olduqca çoxaltmaq olar, ancaq bizim məqsədimiz nümunələri çoxaltmaq yox, əksinə sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) simasında İslam yaşayış tərzini insanlara çatdırmaqdır. İslam dini kitab mütalisinə də böyük dəyər verir, Qurani-kərimin göydən gələn ilk ayəsinin “Rəbbinin adı ilə oxu…” cümləsi ilə başlaması bunun əyani sübutudur. Hətta mütaliə etmək zamanı Allah Taalanı yada salaraq dua etmək də tövsiyə edilmişdir. Mütaliə etməyə başlayarkən Allah Taalaya dua edin ki, oxuduqlarınız yadınızda qalsın, mənaları düzgün dərk edə biləsiniz, mütaliə edərkən fikriniz yayınmasın, öyrəndiklərinizi həyatınızda, yəni əməldə tətbiq edə biləsiniz. اللّهُمَّ أخْرِجْني مِنْ ظُلُماتِ الوَهْمِ وَأكْرِمْني بِنُورِ الفَهْمِ ، اللّهُمَّ افْتَحْ عَلَيْنا أَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا أرْحَمَ الرّاحِمينَ ” İlahi məni vəhm (xəyal və şübhə) zülmətindən çıxar və fəhm (düşüncə və dərketmə) nuru ilə əzizlə. İlahi, Öz rəhmət (nemət və bərəkət) qapılarını üzümüzə aç və mərhəmətinlə Öz elminin xəzinələrini başımıza yağdır, ey rəhimlilərin ən rəhimlisi!” Məfatihul-cinan 1631-ci səhifə Allah Taaladan istəyirik ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (s) həyatından dərs alaraq yaşayışımızda tətbiq edə bilməkdə bizi müvəffəq eləsin.   RZA ƏZİZOĞLU İRƏVANİ

Həzrət Muhəmməd (s) 04.01.2025

Bu gün peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Və altıncı imam Cəfər Sadiq əleyhissalamın mövlud günüdür.

Bu gün peyğəmbərlərin sonuncusu Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin Və altıncı imam Cəfər Sadiq əleyhissalamın mövlud günüdür. Həzrət Muhəmməd (s) buyurur: النظافة من الايمان “Təmizlik imandandır.” . Hər bir insanın fitrətən sevdiyi şeylərin biri də təmizlikdir. Hərçənd ki, insan günah etdikcə “təmizliyi sevmək” xüsusiyyəti həmin insanda zəifləməyə başlayır. Deməli, imanlı şəxslər təmizlik barədə daha çox düşünürlər, təmizlik onlar üçün çox əhəmiyyətlidir. Üst-başın təmizliyindən tutmuş, evin, həyət bacanın və sairin təmizliyinə qədər. Hətta insanın ağzının təmizliyinə də çox diqqət edilməlidir, həm zahirə təmizlik, yəni ağızın yuyulması, dişlərin fırçalanması, korlanmış dişlərin müalicəsi…, həm də ağızın batini təmizliyinə çox diqqət edilməlidir. Ağızın batini təmizliyindən məqsəd insanın ağız ilə edilən günalardan uzaq olmasıdır, məsələn; Yalan danışmaq, söyüş söymək, qeybət etmək, böhtan, iftira, təhqir… Odur ki, Biharul-ənvar kitabının 70-ci cildində Sevimli Peyğəmbərimiz(s) ağızın təmizliyi barədə buyurur: طهروا افواهکم فانه طرق القران “Ağızlarınızı təmiz saxlayın, çünki ora Quranın yollarıdır.” . Amma bunların hamısından daha əhəmiyyətli Qəlbin təmizliyidir. Siz heç Qəlbinizin təmzliyi barədə düşünmüsünüzmü?! İnsan bələdiyyədən bir torpaq alır, yerini müəyyənləşdirir, bununla da kifayətlənir. Orada heç bir abadlıq işi görmür, “gələcəkdə bir şey edərəm” -deyir. O torpağın başına nə gəlir?! Kimisi bir az oradan qəsb edir, Yoldan keçən və ayaqyolu axtaranlar oranı murdarlayır, heyvanlar və qurd-quşlar oraya toplaşır, yerdən çoxlu tikanlar və ziyanlı otlar bitir… Amma insan oranı hətta azacıq belə abad edərsə, məsələn sadəcə o torpağın hasarını çəkərək oraya darvaza qoyarsa yuxarıda sadalananların çoxu baş verməyəcək. O ki, qala insan oranı daha abad etməyə başlaya və tez-tez baş çəkə… İnsanın Qəlbi də belədir. İnsan qəlbinə heç bir sərhəd təyin etməzsə onun Qəlbi murdarlanacaq və çoxlu ziyanvericilər ilə bulaşacaqdır… Amma əgər insan Qəlbini təmizləyərək ona heç olmazsa hasar çəkib qapı qoyarsa, yəni günahların və pis adətlərin ora girməyinə qadağa qoyarsa o Qəlbdə abadlıq baş vermiş olacaq… Qəlbini təmizləmiş insan həmişə xoşbəxtdir, amma qəlbi bulaşıq olanlar həmişə bədbəxt və narahatdırlar. Odur ki, Allah Taala Qurani-Kərimdə Şəms surəsinin 9 və 10-cu ayələrində buyurur: قد افلح من زكاها و قد خاب من دساها “Kim Qəlbini təmizləyə bildisə xoşbəxt oldu, Kim Qəlbini bulaşıq saxladısa ziyana uğradı.” Allah Taala hamımıza həzərt Muhəmməd və ali-Muhəmməd xatirinə Qəlblərimizi təmizləmək üçün güç, qüvvə, təqva, iradə və müvəffəqiyyət nəsib etsin!”   RZA ƏZİZOĞLU İRƏVANİ

Həzrət Muhəmməd (s) 04.01.2025

sitename Həzrət Peyğəmbər (s), təbii ölümlə dünyasını dəyişmişdir, yoxsa şəhadətlə?

Həzrət Peyğəmbər (s) həyatı boyu çox sayda sui-qəsdə məruz qoyulmuşdur. Besətin əvvəlində müşriklər Həzrəti (s) öldürmək istəyirdilər. Mədinəyə hicrət edəndən sonra isə rəhbərlik həvəsində olan bir çox münafiqlər Peyğəmbərə (s) çox sayda sui-qəsd edirlər. Və nəticədə Həzrəti (s) zəhərləməyə müvəffəq olurlar. Ona görə də Peyğəmbərin (s) ölümünü təbii ölüm adlandırmaq olmaz. Çünki Həzrət (s) nəticədə zəhərin təsirindən şəhid olur. İmam Sadiq (ə) buyurur: “Elə bir peyğəmbər və vəsi yoxdur ki, şəhid olmasın”. Yəni, Allah yolunda qətl edilməsin.   Ona görə də Əhli-Beyt (ə) məktəbinin əqidəsi belədir ki, Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə zəhərlənir və boynunun damarı bu zəhərin təsirindən qət olur və Həzrət (s) nəticədə şəhid olur.   Qurani-Kərim buyurur: “Əlif, Lam, Mim. (Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bizim kitabımız həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitab Əlifdən (Allahdan) Lamın (Cəbrailin) vasitəsilə Mimə (Muhəmmədə (s)) vəhy olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır). Məgər insanlar «İman gətirdik» – demələri ilə onlardan əl çəkilib (əməlləri ilə daha) imtahan olunmayacaqlarınımı sanırlar?! Şübhəsiz, (biz) onlardan əvvəlkiləri (Öz cari sünnəmizə uyğun olaraq onların qarşısına vəzifələr qoyaraq) imtahan etmişdik. Beləliklə Allahın əzəli elmi düz danışanlar barəsində də həyata keçər, yalançılar barəsində (də) həyata keçər. Və düz danışanların doğruluğu və yalançıların yalanı aşkar olunar”. (“Ənkəbut” 1-3). Həzrət Peyğəmbər (s) Cəbrayilə (ə) bu ayələrlə bağlı buyurur: “Bu, nə imtahandır? Cəbrayil (ə) deyir: “Ey Muhəmməd! Allah Təala sənə salam göndərir və buyurur: “Mən səndən əvvəl elə peyğəmbər göndərməmişəm, məgər o halda ki, həyatının sonunda yerində əyləşəcək canişinini seçməsin, yolunu və əhkamını diriltməsin. Ona görə də doğru danışanlar o kəslərdir ki, Peyğəmbərin (s) əmrini icra edərlər və onlar ki, ona itaətsizlik edərlər – onlar yalançılardır.   Ey Muhəmməd! Həqiqətən, sənin Allaha tərəf getməyin yaxınlaşmışdır. Allah sənə əmr edir ki, özündən sonra Əli ibn Əbutalibi (ə) ümmətin üçün seçəsən və o, sənin canişinindir ki, ümmətini hidayət edəcəkdir. Əgər ümmət onun ardıcılı olsa, sağlam qalacaqdır”.   Həzifə nəql edir ki, bu hadisədən sonra Həzrət (s), İmam Əlini (ə) çağırır və ona olanları xəbər verir. Bu o gün baş vermişdi ki, Həzrət Peyğəmbər (s) Aişənin evində qalmışdı.   Həzrətin (s) ömrünün sonuna az qalması xəbəri münafiqlərin qulağına çatır. Onlar Həzrətə (s) sui-qəsd etmək fikrinə düşürlər. Belə qərara gəlirlər ki, Həzrətin (s) dəvəsinin üstlüyünü boşaltsınlar və Həzrət (s) də dəvədən yıxılsın. Ancaq bu işi Təbuk döyüşündə etdikləri və nəticəyə çatmadıqları üçün qərara gəlirlər ki, Peyğəmbəri (s) zəhərləsinlər.   Nəhayət öz rəzil məqsədlərinə çatır və Həzrəti (s) zəhərləyirlər. Bu zəhər Həzrət Peyğəmbərə (s) tədricən təsir edir və nəhayət onun mübarək bədənini əhatə edir və Həzrət şəhadətlə dünyasını dəyişir… (Beytutə)   “Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam əleyhinə həcv eşitdikdən) sonra (onların rəddi üçün şerlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şuəra” 227). /Deyerler.org/

Həzrət Muhəmməd (s) 04.01.2025

İSLAM PEYĞƏMBƏRİ (S) ÖMRÜNÜN SON GÜNLƏRİNDƏ

İslam Peyğəmbəri (s) hicrətin 11-ci ilində sonuncu həcc mərasimi zamanı Məkkədə (Ərəfatda), Məkkədən qayıdarkən “Qədi-Xum” çölündə, eləcə də Mədinədə ümumxalqın qarşısında açıq-aşkar əbədiyyətə qovuşacağından xəbər verdi. Həmçinin o həzrət vəfatından bir ay öncə də buyurdu: “Ayrılıq və Allaha dönüş zamanı yaxınlaşmışdır. Bu yaxınlarda Haqqın dəvətini qəbul edəcəyəm. Sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: Allahın kitabı və Əhli-beytimi. Lətif və agah Allah mənə xəbər verib ki, bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşana qədər, heç zaman bir-birindən ayrılmayacaq. Elə isə, yaxşı düşünün və görün onlarla necə rəftar edəcəksiniz…” Bir gün Peyğəmbərə (s) xəbər verdilər ki, İslam ümməti sizin vəfat edəcəyinizdən nigarandır. O həzrət xəstə olduğu halda imam Əli (ə) ilə Fəzl ibn Abbasa təkyə edib məscidə yollandı. Allaha həmd-səna etdikdən sonra buyurdu: “Mənə xəbər verdilər ki, siz öz peyğəmbərinizin vəfat edəcəyindən qorxur və nigaransınız. Məgər məndən əvvəlki peyğəmbərlər vəfat etməyib? Bilin ki, həm mən Rəbbimin rəhmətinə qovuşacağam, həm də siz!” Növbəti gün Peyğəmbər (s) həzrət Əli (ə) və bir dəstə səhabəsinin köməyi ilə “Bəqi” qəbiristanlığına gedib, ölənlər üçün Allahdan məğfirət və bağışlanma dilədi. O həzrət həyatının son günlərində məsciddə “sübh” namazını qıldıqdan sonra, bir daha müsəlmanlara Allahın kitabı Qurani-Kərim və öz Əhli-beyti haqda tövsiyələr etdi: “Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı, digəri isə Əhli-beytimdir… Onlardan qabağa keçməyin ki, ayrılığa düçar olarsınız və onlarla bağlı səhlənkarlığa da yol verməyin ki, həlakətə yetərsiniz.” Söhbətdən sonra müsəlmanlar Allahın Rəsulunu (s) ağlar gözlə evinə doğru yola saldılar. Peyğəmbər (s) xəstəlik yatağında ikən qüsl, kəfən və namazını həzrət Əliyə vəsiyyət edəndə, həzrət Əli (ə) dedi: “Ey Allahın Rəsulu! Qorxuram ki, mənim bu işə taqətim çatmasın!” Peyğəmbər (s) imam Əliyə (ə) işarə etdi ki, ona yaxınlaşsın. Həzrət qılıncını, zirehini, üzük və möhrünü imam Əliyə (ə) verib onunla xüsusi olaraq söhbət etdi. (“Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 214.) Peyğəmbər (s) ömrünün son anlarında qızı Fatimeyi-Zəhranın (s.ə.) ağladığını görüb yanına çağırır və ona bir söz deyir. Xanım Zəhra (s.ə.) təbəssüm edir. Xanım Zəhradan (s.ə.): “Peğəmbər (s) nə buyurdu ki, sizin təbəssübünüzə səbəb oldu?” – deyə soruşduqda, xanım Zəhra (s.ə.) atası Peyğəmbərin (s) belə buyurduğunu nəql etdi: “Sən Əhli-beytimdən mənə qovuşacaq ilk şəsx olacaqsan.” (Ət-təbəqatul-kubra”, İbn Səd, 2-ci cild, səh. 238.) Nəhayət, Peyğəmbər (s) hicrətin 11-ci ilinin Səfər ayının 28-də, Mədinə şəhərində imam Əlinin (ə) qucağında ikən əbədiyyətə qovuşdu və “Məscidün-Nəbiyy”ə birləşən evində – dünyasını dəyişdiyi hücrəsində torpağa tapşırıldı. İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 188-ci xütbəsində Peyğəmbərin (s) əbədiyyətə qovuşduğu anı belə xatırlayır: “Allahın Peyğəmbəri (s) başı mənim sinəmdə olan halda canını tapşırdı, mənim əllərim üzərində ikən ruhu bədənindən ayrıldı və mən (təbərrük olaraq) əlimi üzümə çəkdim. O həzrətin (s) qüslünü öz öhdəmə götürdüm və mələklər (bu işdə) mənə kömək etdilər. Sonra ev və onun ətrafı (orada olanlar və get-gəl edən mələklər) ağlayaraq nalə qopartdılar. Mələklərin bir dəstəsi enir, digər bir dəstəsi isə yuxarı qalxırdı. Onların Həzrətə qıldıqları namazın səsi onu qəbrinə qoyana qədər qulağımdan getmirdi. Belə olan halda, kim o həzrətə həyat və ölümündə məndən daha yaxın və layiqdir?!” Allahın salam və salavatı olsun kainatın ən şərəflisi həzrət Muhəmmədə (s)! Rza Şükürlü (Maide.az)

Həzrət Muhəmməd (s) 04.01.2025

Bu gecə əziz İslam Peyğəmbərinin (s) rehlət gecəsidir: İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə

Hicrətin 10-cu ilində Həzrət Peyğəmbər (s) həcc ziyarətinə yola düşür. Müsəlmanlar Həzrətin (s) bu niyyətindən xəbərdar olub, hər tərəfdən onun yanına tələsdilər. Sayları kifayət qədər olandan sonra Həzrət (s) hərəkət etməyə başladı. Bu həmin il idi ki, Peyğəmbər (s) müsəlmanlara İslami həccin yerinə yetirilmə qaydasını öyrətmişdi. Çünki o biri illərdə müşriklər onlara həcc mərasimini yerinə yetirməyə mane olmuşdular. Peyğəmbər (s) həcc mərasimini sona çatdırandan sonra müsəlmanlara xütbə oxuyur. Sonra da Mədinəyə qayıtmaq istədiyini elan edir. Bu müqəddəs səfərdə Həzrətin (s) çox sayda tərəfdaşı və səhabələri onunla bir yerdə idilər. Hər an müqəddəs simasındakı nigarançılığı görə bilirdilər. Sanki Həzrət hansısa sirri aşkar etmək istəyirdi ki, ondan qorxurdu. Onu bəyan etmək üçün yaxşı fürsət axtarırdı. Bu həcc – əziz Peyğəmbərin (s) yerinə yetirdiyi son həcc idi. Ona görə də onu “vida həcci” adlandırırlar. (Avini Deyerler.org) Aydın idi ki, Peyğəmbər (s) elə bir mövzu haqqında danışmaq istəyirdi ki, müsəlmanların siyasi və dini məsələləri baxımından həlledici təsirə malik idi. Bu dövrdə ən mühüm məsələ – ümmətin idarəedilməsi mövzusu idi. Həzrət Peyğəmbərin (s) vəfat etməsi ilə hələ ürəklərdə dərin kök salmamış İslam dini aradan gedə bilərdi. Münaqişələr başlaya bilər və din də bu münaqişələrə görə qurban olardı. Allah Təala Həzrət Rəsuli-Əkrəmə (ə) vəhy etmişdi ki, ondan sonra canişin İmam Əli ibn Əbutalib (ə) olacaqdır. O, Allaha və Rəsuluna (s) iman gətirən ilk insan idi. Allah yolunda çox çətinliklər çəkmişdi. Əxlaq və elm baxımından başqalarından üstün idi. Həzrət Peyğəmbər (s) dəfələrlə bu mövzunu müsəlmanlara xatırlatmışdı. Həzrət (s) ümmətin gələcəyinə görə çox nigaran idi. Çünki yaxşı bilirdi ki, hakimiyyət həvəsində olanların sayı az deyildir. Ancaq bu hədəfə görə onun yanında qərar tuturlar. Həzrət Peyğəmbər (s) Əsfan adlı yerə çatan zaman ona mübarək ayə nazil olur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67). Bu ayənin nazil olması ilə Peyğəmbər (s) İmam Əli (ə) rəhbərlik missiyasına görə əminlik əldə edir və müsəlmanlara əmr edir ki, bir yerə toplaşsınlar. Müsəlmanlar bir yerə toplaşan zaman onlara dəyərli bir xütbə oxuyur və Əli ibni Əbutalibin (ə) canişin olduğunu elan edir. Sonra müsəlmanlara əmr edir ki, İmam Əliyə (ə) beyət etsinlər. Bütün müsəlmanlar o Həzrət Əliyə (ə) beyət edirlər. Beyət sona çatan zaman isə bu ayə nazil olur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3). Qədir-Xum hadisəsindən sonra Həzrət Peyğəmbər (s) Mədinəyə qayıdır. Həzrət Peyğəmbər (s) böyük bir ordu təşkil edir ki, onun tərkibində çox sayda mühacir və ənsarlar vardır. Bu ordunun rəhbəri isə 20 yaşına çatmamış cavan Üsamə ibn Zeyid idi. Peyğəmbər (s) qısa zamanda bu ordunu təşkil edib, Mədinədən tez bir zamanda göndərmək istəyirdi. Çünki ölümünün yaxınlaşdığını hiss edirdi. İslam ümməti üçün təhlükə törədə biləcək insanları Mədinədən uzaqlaşdırmaq istəyirdi. Lakin bütün bu cəhdlərinə baxmayaraq, bəzi münafiqlər ordunun hərəkət etməsinə mane oldular. Lakin, Həzrət Üsaməyə yenə də hərəkət etməsi üçün əmr verirdi. Bu ordu Mədinənin bir neçə kilometrində çadır qurur. Elə bu zaman Həzrətin (s) halı pisləşir və ordunun bəzi üzvləri icazəsiz Mədinəyə qayıdırlar. Həzrət Peyğəmbər (s) geri qayıdan bu insanları lənətləyir. İslam Peyğəmbəri (s) 11-ci hicri ilinin Səfər ayının 28-də Mədinədə vəfat edir. O, mübarək başını İmam Əlinin (ə) sinəsinə qoyduğu halda, İlahi rəhmətə qovuşur. İmam Əli (ə) bu hadqa buyurur: “Allahın Rəsulunun (s) ruhu o halda qəbz oldu ki, başını mənim sinəmə qoymuşdu. Canı əllərimin arasında alındı. Mən əlimi onun üzünə çəkdim. Və mən Həzrətə qüsl verdim. Mələklər mənə kömək edirdi. Mən onu torpaqda dəfn edənə qədər onların necə yavaş namaz qıldıqlarını eşidirdim”. Bəli, İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) qüsl verib kəfənləyir və belə buyurur: “Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun! Həqiqətən, sənin ölümünlə o nemətdən məhrum olduq ki, başqalarının ölümü ilə ondan məhrum olmamışıq. Bu nemət nübuvvət və səma xəbəri idi”. İmam Əli (ə) Həzrətə qüsl verib onu kəfənlədi və yaşadığı evdə onu dəfn etdi. İslam Peyğəmbərinin (s) vəfatı müsəlmanlar üçün böyük müsibət idi. Və bu müsibət bu gün də davam edir…

Həzrət Muhəmməd (s) 04.01.2025

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir

Peyğəmbər (s) hər kəsin əməllərinə şahiddir. Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰؤُلَاءِ شَهِيدًا “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) necə olacaq?” (Nisa, 41). İzah: Bu ayəyə görə İslam peyğəmbəri (s) başqa peyğəmbərlər kimi yalnız öz ümmətinə yox, həm də digər keçmiş peyğəmbərlərin əməllərinə şahiddir. (“هَٰؤُلَاءِ” (haulai) əvəzliyi rəvayətlərə görə keçmiş ümmətlərin şahidlərinə, yəni keçmiş peyğəmbərlərə aiddir.) Bu, o həzrət (s) üçün çox böyük bir fəzilətdir. Quranda əməllərə şahid olmaqda məqsəd əməllərin mahiyyətini və batinini bəyan etməkdir. Odur ki, ilahi peyğəmbərlər və övliyalar – hamısının başında isə kamil insan və ən üstün məxluq olaraq İslam peyğəmbəri (s) – elə bir məqama malikdirlər ki, bəndələrin həqiqətini və batinini müşahidə edə bilir, Qiyamətdə əməllərə şahidlik edənlər sırasında yer alır və onların yaxşı və ya pis insan olmasına şəhadət verirlər. Qiyamətdə əməllərin digər şahidləri yer, bədən üzvləri, mələklər və s.-dir. Qeyd edək ki, Qiyamət günü şahidlik etmək heç də dünyada əməllərdən xəbərdar olmaq, onları bilmək demək deyil. Hədis: İmam Sadiq (ə): “Bəndələrin bütün əməlləri – istər yaxşılar olsun, istər pislər, – hər gün səhər Allah rəsuluna (s) məruzə edilir.” (Kafi, c. 1, səh. 219, hədis: 1).

Həzrət Muhəmməd (s) 04.01.2025

Peyğəmbərimizin (s) nübuvvət yükü necə yüngülləşdirildi?

Hikmət elə bir İlahi nemətdir ki, gərək insan bədənində yer alsın. Onun sakin olduğu məkan isə, ən müqəddəs məkan olan insan qəlbidir.   Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Allahın yerdə (feyz) qabları vardır. Bilin ki, bu qablar – həmin qəlblərdir. Allah yanında onların ən sevimlisi – daha riqqətlisi, səfalısı, sərt olanıdır”. (Sərt deyildikdə, burada düşmənlərin heç birindən qorxmamaq nəzərdə tutulur). Əlbəttə, qəlb o zaman İlahi feyzi qəbul edər ki, günah və şübhələrdən uzaq olar. İmam Əli (ə) buyurur: “Pak təbiətli bəndələrin qəbləri – Allahın məkanıdır. Ona görə də hər kim qəlbini pakizə edər, Allah ona lütf nəzəri salar. Əgər belə olarsa, Allah ona sinə genişliyi əta edər. O da bütün yaxşılıqların və başqa bərəkətlərin nazil olmasının başlanğıcı olar”.   Allah Təala Quranda buyurur: “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar.   Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).   Şərhi-sədr (geniş qəlb) – Allahın ən böyük nemətlərindəndir ki, bir çox digər nemətlərin başlanğıcı sayılar. Bu nemətin əzəməti o həddədir ki, Allah Təala Öz Peyğəmbərinə (s) buyurur: “Məgər Biz sənin sinəni (köksünü)genişləndirmədikmi? (Sənə bolluca səbir və hövsələ vermədikmi ki, böyük bir tutumla Xaliqə yetişmək və insanlarla rabitə qurmaq məqamını özündə yerləşdirəsən, elmlər, hikmət və din hökmlərinin mədəni olasan, İlahi mənbədən vəhy almaq və bəşər cəmiyyətinə onu yetirmək istedadına malik olasan və insanlara rəhbərlik və ümmətə atalıq edəsən). Və (nübuvvət)yükünün ağırlığını səndən götürmədikmi? (Onu sənin üçün yüngül etmədikmi?)”. (“Şərh” 1-2).   Bu cür insanın qəlbi güclü və sağlam olar. Allahın müsibətləri qarşısında səbir edər, mülayim və səbirlidir. Allah tərəfindən ona çatan hər şeyə razı olar.   O zaman ki, “Şərhi-sədr” ayəsi nazil olur, Həzrət Peyğəmbərin (s) səhabələri deyirlər: “”Şərhi-sədr”in mənası nədir?”. (Həvzəh/Deyerler.org/)   Həzrət (s) buyurur: “Elə bir nurdur ki, Allah onu hər kimin istəsə qəlbində yerləşdirər. Bu vasitə ilə sinəsini açıq və geniş edər”.

Həzrət Muhəmməd (s) 04.01.2025

Bu gün peyğəmbərin (s) Taifdə səqif tayfası tərəfindən daşlanan günüdür.

Bu gün peyğəmbərin (s) Taifdə səqif tayfası tərəfindən daşlanan günüdür.Besətin 10-cu ili Xədiceyi Kübra və Əbu Talibin vəfatı peyğəmbərə çox təsir etdi. Həmin ili hüzn ili kimi də qeyd edti. Əbu Talibə qədər qureyşlilər peyğəmbərə çoxda əziyyət edə bilmirdilər. Onun ölümündən sonra peyğəmbərə və müsəlmanlar (s) təziqlər dahada şiddətlənməyə başladı.ما زالَت قرَيشٌ كاعَّةً حتّي تُوُفَّي أَبُو طالبٍ“Qüreyş qəbiləsi Əbu Talib vəfat edənə qədər, (Peyğəmbərə (s) zərər verməkdən) daim qorxurdu.”(İbn Kəsirc.2.səh.144) Bundan sonra Qüreyş qəbiləsi bütün gücü ilə onun risalətinə qarşı çıxdı. Peyğəmbər (s) Qüreyşlilərin ona kömək etmədiyini gördükdə və Məkkənin onun üçün əmin-amanlı bir yer olmadığını anladıqda Tövhid etiqadını yaymaq üçün yeni dayaq və mərkəz seçərək Taifə tərəf hicrət etdi. Səqif qəbiləsi Taifdə ən böyük qəbilə idi. Onların iman gətirəcək ümüdi ilə o qəbilənin böyüklərindən olan, Əmr ibn Uməyrin üç oğlu; Əbdyaləyl, Məsud və Həbibin yanına getdi. Onları təkallahlığa və həmçinin ona bu yolda kömək etməyə çağırdı. Onlardan biri dedi: Mən Kəbənin pərdəsini yırtaram, Allah səni peyğəmbər göndəribsə!İkincisi dedi: Allah səndən başqasını peyğəmbərliyə seçə bilməzdi?Üçüncüsü isə belə cavab verdi: Allaha and olsun ki, mən heç vaxt səninlə danışmaram. Çünki, sən iddia etdiyin kimi, Tanrı peyğəmbərisənsə, mənim səninlə danışmağa ləyaqətim yoxdur. Amma Allaha iftira ataraq, yalandan peyğəmbər olduğunu iddia edirsənsə, mənə yaraşmaz ki, səninlə danışım.Peyğəmbər (s) Səqif qəbiləsinin islam dinini qəbul etməyəcəyini anladı. Onlara bu məsələni gizlətmələrini söylədi. Səbəbi isə Qüreyş qəbiləsinin bu hadisəni eşidib, lovğalanmasını istəmirdi. Amma onlar bu məsələni gizləmədilər. Əksinə tayfalarının səfehlərinə və öz qullarına göstəriş verdilər ki, Peyğəmbərin (s) ardınca gedərək, ona təhqiramiz sözlər söyləyib, arxasınca hay-küy salsınlar. O Həzrəti (s) daşlasınlar. Səqif qəbiləsinin avara, tərbiyəsiz və quldur insanları Peyğəmbərin (s) yoluna çıxaraq, onu daşlamağa başladılar. Ayaqlarını yaraladılar və al-qana boyadılar. Peyğəmbər (s) Taifdə on gün qaldıqdan sonra, başa düşdü ki, Səqif qəbiləsi islam dininə gətirməyəcək və ona kömək etməyəcəklər. Sonra peyğəmbər (s) Məkkəyə tərəf yollanaraq Allahdan özünə çıxış yolu istəyirdi. .Allahın elçisi daha sonra Məkkəyə tərəf yollandı. Yolda peyğəmbər (s) bir üzüm ağacının kölgəsinə sığındı, bir anlıq dincələrək öz Allahı ilə razu-niyaz edirdi.. Rəbiənin oğlanları Ütbə və Şeybə Peyğəmbərin (s) acınacaqlı halını gördükdə, öz məsihi qulu Əddasa əmr etdilər ki, böyük bir üzüm salxımını qaba qoyaraq, O Həzrətə aparsın. Əddas belə etdi. Peyğəmbər (s) üzümü yemək istədikdə, Allahın adını söylədi. Əddas dedi: Allaha and olsun ki, söylədiyin cümləni bu yerin əhalisi dilə gətirməz.Həzrət (s) onun haralısan və hansı dinə etiqad edirsən? Əddas dedi: Mən Neynəva əhliyəm. Xristianam.Peyğəmbər (s) buyurdu: “Saleh insan Yunis ibn Mətanın şəhəri.”Sən Yunis ibn Mətanı haradan tanıyırsan?“O, qardaşım və Allahın peyğəmbəri idi. Mən də peyğəmbərəm.”Əddas bu sözləri eşitdikdə, Peyğəmbərin (s) əl-ayağına düşərək, islam dinini qəbul etdi.Ütbə və Şeybə onları müşahidə edirdi. Əddas onların yanına qayıtdıqda, soruşdular: Ehtiyatlı ol, bu kişi səni dinindən döndərməsin. Çünki, sənin dinin, onun dinindən daha üstündür.Peyğəmbər (s) Qureyş tayfasının şərrindən qorxduğu üçün Məkkəyə tez girmədi. Hirada mağarasında gözləyərək, Ahnəs bin Şərikdən özünü himayə etməsini istədi. O, isə Qureylə onun arasında anlaşma olduğuna görə himayə edə bilməyəcəyini bildirdi. Süheyl bin Kəbədən köməklik istədi, amma eyni cavabı aldı. Mutim bin Adiyy isə Mənaf bin Abdul-Muttalibə qohumçuluğu olduğu üçün bu təklifi qəbul eləyərək, özü və oğulları silahlanıb peyğəmbəri (s) qarşıladılar. Peyğəmbər (s) onların köməkliyi ilə Kəbəyə girdi. Təvaf edib iki rükət namaz qıldı. Sonra isə Mutim və oğulları vasitəsilə evinə getdi. Mutim peyğəmbərin himayə etdiyini elan etmişdi, Qureyş də bunu qəbul etmişdi.Peyğəmbər (s) Nəxlə məntəqəsində gecə yarısı namaz qıldığı zaman, bir qrup cin oradan keçirdi. Həzrətin (s) yanına gələrək, islam dinini qəbul etmişlər. Sonra öz tayfalarını islama çağırmaq üçün vətənlərinə dönmüşlər. Allah-təala Cin surəsində bu hadisəni açıq-aşkar bəyan etmişdir.Hacı Səlim.

1 2 3 4 5