Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Həzrət Muhəmməd (s) 04.01.2025

Peyğəmbərimizə (s) ən çox bənzəmək istəyənin xüsusiyyətləri

İmam Səccad (ə) buyurur: “Hər kimin bu dörd sifəti olar, imanı kamil və günahları bağışlanmış olar. Allahla o halda görüşər ki, ondan razı olar. 1. Özünə hakim olmaq və İlahi təqva sifətidir ki, gözlənti olmadan və gözə girmək (niyyəti) olmadan insanlara xidmət etmək. 2. Həyatının bütün sahələrində insanlara qarşı düz danışan və sədaqətli olmaq. 3. Bütün dini və ürfi çirkinliklərə qarşı pak ətəkli və həyalı olmaq. 4. Ailəsi ilə xoş əxlaq və xoş rəftar olmaq”. Həqiqi möminin nişanələrini tanıdan hədisdə İmam Sadiq (ə) buyurur: “(Mömin) dində güclüdür. Mülayim olması ilə yanaşı, həm də uzaqgörəndir”. (Həvzəh) İnsana nicat verə bilən xüsusiyyətlərin açıqlayan hədisdə İmam Səccad (ə) buyurur: “Üç şey insanın nicatına səbəb olar: 1. Dilini insanların qeybətindən və (onlara görə) pis sözlərdən saxlamaq. 2. Özünü o işlərlə məşğul etmək ki, dünya və axirət üçün faydalıdır. 3. Həmişə xata və səhvlərə görə narahat və ağlayan olmaq”. Digər hədisdə Peyğəmbərimizə (s) ən çox bənzəyən insanlar tanıdılır. Həzrət Peyğəmbər (s) buyurur: “Sizi özümə ən çox bənzəyən şəxslə tanış edimmi?”. Deyirlər: “Bəli, ya Rəsulallah!”. Həzrət (s) buyurur: “Hər kim xoş əxlaq, mülayim, qohumlarına qarşı yaxşılıq edən, din qardaşlarını sevən, haqqa səbirli, qəzəbini yatızdıran və güzəşt edən olarsa (həmin şəxs mənə ən çox bənzəyən insandır)”.

Həzrət Muhəmməd (s) 04.01.2025

Peyğəmbər (s) necə əmin olur ki, ilhamları Allah tərəfindən gələn vəhydir?

Birincisi, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır. İkincisi, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi. Günəşi hal-hazırda ayıq halda gördüyünüz hardan məlum? Bəlkə də yuxudasınız! – desə, sözsüz ki, buna etina etməyəcəyik, çünki sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil. İlk dəfə Peyğəmbərə (s) vəhy nazil olanda haradan əmin oldu ki, bu şeytan təlqini deyildə, ilahi mesajdır? Bu elm və yəqinin qaynağı haradır? Sualın cavabı aydındır. Çünki, rəhmani mesajların məzmun və mahiyyət baxımından şeytan vəsvəsələri ilə fərqi yerlə göy qədərdir və hər birinin məzmunu onun tanıtdırıcısıdır. Qeyd edilməlidir ki, Peyğəmbər (s) metafizik aləmlə və ya vəhy peyki ilə təmasda olduğu zaman Allahla rabitədə olması həqiqətini daxili intuisiya ilə tam şəffaflığı ilə dərk edir. Biz günəşi tam dərk etdiyimiz kimi. Əgər kimsə hal-hazırda günəşi ayıq halda gördüyümüzün hardan məlum olduğunu, bəlkə də yuxuda gördüyümüzü iddia edərsə, şübhəsiz, buna etina edilməz, ona görə ki, sahib olduğumuz hisslərimiz şübhə predmeti deyil. Əllamə Təbatəbainin – “فَلَمَّا اَتَاهَا نُودِى یَا مُوسَى اِنِّى اَنَا رَبُّکَ” (1); “Atəşin yanına gəldiyi zaman, səs gəldi ki: Ey Musa! Mən sənin Pərvərdigarınam! Ayaqqabıların çıxar ki, müqəddəs Tuva torpağındasan!” – ayəsinin təfsirində dediyinə əsasən, Allah Rəsulu ilk vəhy və risalətlə qarşılaşdığı zaman heç bir araşdırmaya, sübuta və arqument tələbinə ehtiyac duymadan onun Allah tərəfindən gəldiyinə şübhə etmir. Əgər buna ehtiyac olsaydı, vəhy qeybi və vasitəsiz olmaz, əksinə hansısa məntiqi sübut növu və rasional arqument olacaqdı (2). Buradan aydın olur ki, bəzi hədislərin dediyinə istinadən, ilk vəhy Peyğəmbərə (s) nazil olduğu vaxt Həra mağarasından Xədicənin evinə gəldi və gördüklərini ona danışdı. Davamında buyurdu: “Mən özümdən qorxuram”. Bu mənada ki: (Bunun ilahi vəhy olmadığından qorxuram)! Xədicə ona ürək-dirək verdikdən sonra onu əmisi oğlu Vərəqə ibn Nofəlin yanına apardı. Vəqərə cahiliyyət dövründə xristianlığı seçən şəxs idi. Ərəb və ibrani dillərini bilirdi. O, Peyğəmbərdən (s) gördüklərini izah etməsini istədi. Peyğəmbər (s) də gördüklərini açıqladı. Vərəqə dedi: Bu Musaya (ə) nazil olmuş namusdur (vəhy peyki). Sonra dedi: Kaş sağ qalaydım və qəbilən səni bu şəhərdən qovduqları zaman sənə yardım edəydim (3). Bu qəbildən olan hədislər sözsüz ki, qondarmadır. Qeyb aləmi ilə aşkar əlaqə yaradan və bütün varlığı ilə həmin əlaqəni dərk edən bir peyğəmbərin Nəsrani kahini Vərəqə ibn Nofəl kimi birinə nə ehtiyacı var? Belə bir vəhyə necə inanmaq olar? Niyə Musa ibn İmran (ə) Tur dağında ilk vəhyi aldığı zaman əsla oxşar şəkkə düşmədi? Halbuki, Musa (ə) ancaq səs eşitmişdi, vəhy mələyini görməmişdi. Görəsən, bütün bunlar vəhyi və İslam peyğəmbərliyini zəiflətməkdən ötrü düşmənin gizli əlinin belə xurafatları yaradaraq İslam kitablarına salmalarına dəlil deyilmi?! (4). İstifadə edilmiş ədəbiyyat: 1-“Taha” surəsi, 11 və 12-ci ayə. 2-“əl-Mizan fi təfisiril-Quran” (Təbatəbai Seyid Məhəmməd Hüseyn, Qum elm mərkəzinin “Camieyi-mudərrisin” İslam nəşriyyatı ofisi, Qum, 1417 h.q.), c. 14, səh. 138 3-Bu məzmunu əhli-sünnənin bir çox hədisçi və təfsirçiləri nəql edib, o cümlədən “Səhihul-Buxari”də Məhəmməd ibn İsmayıl Əbu Əbdillah əl-Buxari əl-Cufi, (tədqiqatçı: Mustafa Dib əl-Bəğa, “Dar İbn Kəsir”, əl-Yəmamə, Beyrut, 1407 h.q. (1987), ikinci nəşr), c. 23, səh. 11469, hədis 6982; “əl-Cəmaius-səhihil-musəmma Səhihul Muslim”, Muslim ibn əl-Hucac Əbul Hüseyn əl-Qüşeyri ən-Nişaburi, tədqiqatçı: Məhəmməd Fəvaid Əbdül Baqi, “Daru əhyait-turasil-ərəbi”, Beyrut), c. 1, səh. 97, hədis 422; “Fi zilalil-Quran”, Seyid ibn Qütb ibn İbrahim Şazli, “Daruş-şuruq”, Beyrut və Qahirə, 1412 h.q. on yeddinci nəşr), c. 6, səh. 3936 və “XX əsrin ensiklopediyası, “vəhy” maddəsində gəlmişdir.) 4-Ayətullah Nasir Məkarim Şirazinin “Quranın mesajı” kitabından iqtibas edilib. (“Darul-kutubil-İslamiyyə”, Tehran, 1997, doqquzuncu nəşr), c. 1, səh. 231.  

Həzrət Muhəmməd (s) 03.01.2025

“Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm” – Həzrət Peyğəmbər (s) özü barədə

Həzrət Peyğəmbər (s) özü öz mübarək xüsusiyyətlərini bizə tanıtmış və bu haqda hədislərin vasitəsilə məlumatlar vermişdir.   1. Allahın tərbiyə etdiyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Allahın tərbiyə etdiyi və Əli (ə) – mənim tərəfimdən tərbiyə edilmişdir”.   2. İlahi rəhmətdir. Həzrət (s) buyurur: “Həqiqətən, mən – hidayət olunan rəhmətəm”.   3. İbrahimin (ə) duasının nəticəsidir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Həzrət İbrahimin (ə) duasının nəticəsiyəm”.   4. Ən üstün insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – Adəm övladlarının seyyidiyəm”. Həzrət (s) başqa yerdə buyurur: “Allah məndən üstün məxluq xəlq etməmişdir. Allah yanında məndən əziz olanı yoxdur”.   5. Ən bilikli insandır. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizlərin ən biliklisi və ən təqvalısı – mənəm”.   6. Rəsulların (ə) rəhbəridir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən – göndərilmişlərin rəhbəriyəm. Mən – peyğəmbərlərin xatəmiyəm. Mən – ilk şəfaət edən və ilk şəfaət olunanam”.   7. İlk daxil olandır. Peyğəmbər (s) buyurur: “Mən Allah kitabı və Əhli-Beytimlə (ə) bir yerdə Allaha ilk daxil olanam. O zaman (ümmətim) daxil olacaqdır və ümmətimdən soruşacağam: “Quran və Əhli-Beytimlə (ə) nə etmisiniz?””.   8. İlahi hədiyyədir. Həzrət Peyğəmbər (s) buyurur: “Beş şey mənə əta edilmişdir ki, məndən əvvəlki peyğəmbərlərin heç birinə verilməmişdir: 1. Mən bütün aləmlər üçün göndərilmişəm. 2.Torpaq mənim üçün pak və səcdəgah qərar verilmişdir. 3. Qorxu ilə yardım edilmişəm (düşmənlərin qəlbinə qorxu salınaraq). 4. (Döyüş) qəniməti mənim üçün halal hesab olunmuşdur. Halbuki, məndən əvvəl heç kəsə halal deyildi. 5. Mənə Allah tərəfindən bütün sözlər hərtərəfli verilmişdir”.   9. Ümümdünya risalətinə malikdir. Həzrət Peyğəmbər (s) buyurur: “Mən o kəslərin rəsuluyam ki, həyatım zamanında onları dərk etmişəm və o kəslər ki, məndən sonra dünyaya gələcəklər”. (Erfan/deyerler.org)

Həzrət Muhəmməd (s) 03.01.2025

PEYĞƏMBƏRİ-ƏKRƏMİN (S) XANIM XƏDİCƏ (S.Ə.) İLƏ İZDİVACI

Rəbiül-əvvəl ayının 10-u (hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir: “Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: “Xüveylidin qızı Xədicə Qüreyş tacirlərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!” Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: “Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.” Xədicə o həzrətin “Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: “Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!” Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı sıfırdın qayıtdıqdan sonra o həzrətin kərmətləri, alicənablığı və mənəviyyatı haqda Xədicəyə məlumat verdi. Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi. Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi. İbn Hişam özünün “Sirə” kitabında yazır: “Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: “Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” (“Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi. Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə toy mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: “Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.) Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: “Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.” Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq “nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). (“Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; “Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.)

Həzrət Muhəmməd (s) 03.01.2025

Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə)

  Vəhy günəşinin doğuşu (Məbəs bayramı münasibəti ilə) Həzrət Muhəmməd Peyğəmbər (s) yeniyetməlik dövründən başlayaraq camaatdan ayrılıb tənhalığa qapılmağı və öz düşüncələrinə qərq olmağı xoşlayırdı. Gənclik illərində Onun ən sevimli düşüncə və istirahət yeri Məkkə ətrafındakı Həra dağının mağarası idi. Məkkə bütpərəstlərinin cahilliyi, əxlaqa zidd hərəkətləri Peyğəmbərimizin qəlbində kəskin etiraz və qəzəb hissi doğururdu. Belə anlarda O, Həra dağına pənah aparır, orada öz böyük Yaradanına dua və ibadət edirdi. Həzrət Mühəmməd (s) hər ilin bütöv bir ayını mağarada ibadətlə keçirir, ay qurtarandan sonra mağaradan enib şəhərə qayıdır, əvvəlcə Kəbəni ziyarət edir, yalnız bundan sonra evinə gedirdi. Həmin vaxtlar Mühəmməd (s) ağacların, daşların: “Salam olsun sənə, ey Allahın rəsulu!” – deyə Onu salamladıqlarını eşidirdi. Bu yolla Allah öz gələcək peyğəmbərini Cəbrayıl (ə) mələklə görüşə hazırlayırdı. Həzrət Muhəmməd (s) 40 yaşına çatanda Allah-təala Ona ilk vəhyi nazil etdi. Əksər rəvayətlərə görə, bu hadisə müsəlman təqvimi ilə rəcəb ayının 27-də baş verdi. Bəzi mənbələrdə isə hadisənin Ramazan ayında baş verdiyi yazılıb. Həmin gün Peyğəmbərimiz adəti üzrə Həra mağarasında oturub öz düşüncələrinə dalmışdı. Bu zaman Allahın ən şərəfli mələyi Cəbrayıl (ə) insan qiyafəsində Onun gözünə göründü və əlində tutduğu kitabı Ona göstərib dedi: “Oxu!” Peyğəmbərimiz yazıb-oxumağı bacarmadığı üçün heyrətlə soruşdu: “Nəyi oxuyum?” Cəbrayıl (ə) ikinci dəfə “Oxu!” – deyə israr etdi. Peyğəmbər acizliklə eyni sözü söylədi: “Axı nəyi oxuyum?” Mələk üçüncü dəfə gözəl səslə ilk vəhyi – Qur’ani-kərimin 96-cı “Ələq” surəsinin ilk beş ayəsini oxudu: “Yaradan Allahın adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu, sənin Allahın ən kəramətlidir. O, insana qələmlə yazmağı öyrətdi. O, insana bilmədiklərini öyrətdi”. Cəbrayılın (ə) ardınca Həzrət Muhəmməd (s) də ayələri təkrar etdi. Sonra mələk gözdən itdi və Peyğəmbər mağaradan çıxıb özünü itirmiş halda evə tərəf üz tutdu. Evin qapısında Onu həyat yoldaşı Xədicə qarşıladı. Xədicə Mühəmmədin (s) gec qayıtmasından narahat olub ardınca adam göndərmişdi, amma göndərilən adam şəhər ətrafında çox gəzsə də, Peyğəmbəri görməyib geri dönmüşdü. Həzrət Məhəmməd (s) mələklə qəfil görüşdən özünü itirmişdi. Ona görə də yorğunluq hiss edib, dincəlmək üçün uzandı. Bu arada Xədicə əmisi oğlu, mütərəqqi fikirli, təkallahlı əqidəsinə malik olan Vərəqə ilə görüşüb əhvalatı ona danışdı. Vərəqə əmisi qızının inamını daha da dərinləşdirib söylədi ki, Muhəmməd (s) həqiqətən peyğəmbərliyə təyin edilmişdir, çünki onun başına gələn hadisə yalnız peyğəmbərlərə aiddir. Xədicə əmisi oğlugildən evə qayıdan kimi Həzrət Mühəmmədin (s) peyğəmbər olduğuna və uca Allah tərəfindən bu məqama təyin edildiyinə iman gətirib İslamı qəbul etdi və ilk müsəlman oldu. Ertəsi gün Peyğəmbərimizin əmisi oğlu, onun evində yaşayan 10 yaşlı Əli (ə) kəlmeyi-şəhadəti deyib müsəlmanlığı qəbul etdi. Uzun müddət müsəlmanların sayı bu üç nəfərdən (Peyğəmbər, Xədicə və Əli) artıq olmadı. Onlar birlikdə ibadət edir, birlikdə namaz qılırdılar. Həzrət Muhəmməd (s) peyğəmbərliyə təyin edildikdən sonra üç il ərzində çox gizli şəkildə fəaliyyət göstərərək, etimad bəslədiyi məhdud saylı şəxsləri İslama dəvət etməklə məşğul oldu. Həzrət Xədicə və Əlidən (ə) sonra Peyğəmbərimizin oğulluğu Zeyd (r.ə) İslamı qəbul etdi. Ondan sonra Əbu Bəkr , Əbu Zər , Osman , Əbdürrəhman ibn Ovf , Həzrət Əlinin (ə) qardaşı Cəfər , Əmmar  və daha bir neçə şəxs bir-birinin ardınca müsəlman oldu islam.az

Həzrət Muhəmməd (s) 03.01.2025

Quranda həzrət Məhəmmədin (s) sonuncu peyğəmbər olması ilə əlaqədar nə kimi dəlillər vardır?

Peyğəmbərin (s) xatəmiyyəti ilə əlaqədar dəlil olaraq istifadə olunan ayələr iki qrupdur: 1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr. « وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ» 2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və islam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir. Bu barədə ayələr çoxdur, nümunə olaraq bir neçəsi ilə tanış olaq: مَا کانَ مُحَمَّدٌ اَبا اَحَد مِنْ رِجَالِکُمْ وَ لکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیّینَ وَ کَانَ اللّهُ بِکُلِّ شَیْء عَلِیماً 1. “Məhəmməd sizlərdən heç birinizin atası deyildir, lakin o, Allahın rəsulu və peyğəmbərlərin sonuncusudur və Allah hər şeyi biləndir”. (1) İslam dini cahiliyyət dövrünün qalıqları olan əsassız və yanlış adət və ənənələri aradan qaldırmaq üçün Peyğəmbərə (s) Zeydin (2) keçmiş həyat yoldaşı Zeynəb ilə ailə qurmasını əmr etdi. Bu evlilik Allah və onun Rəsuluna həqiqi mənada iman gətirməyənlər və eyni zamanda bu kimi cahil adət və ənənələrə illər boyu vərdiş etmiş bir cəmiyyət arasında boyük bir qalmaqala çevrildi. Onlar Peyğəmbərin (s) öz oğulluğu olan Zeydin keçmiş həyat yoldaşı Zeynəblə ailə qurmasını, öz adət-ənənələrinə əsasən, qəbulolunmaz hesab edirdilər. Allah-taala bu kimi batil düşüncələri aradan qaldırmaq üçün yuxarıda qeyd olunan mübarək ayədə bildirir ki, “Peyğəmbər (s) Zeyd də daxil olmaqla onların heç birinin atası deyil və buna görə də Zeydin keçmiş həyat yoldaşı olan Zeynəblə ailə qurmasının heç bir eybi yoxdur. Bəli, o, Allahın göndərdiyi peyğəmbəridir, o, hər an Allahın əmrlərini həyata keçirtməkdədir və bu evliliyin özü də həmin ilahi əmrlərdən biridir. Bəli, o, sizin atanız deyil, lakin peyğəmbərlərin sonuncusudur, artıq peyğəmbərlik onunla sona çatmışdır və ondan sonra başqa bir peyğəmbər və şəriət göndərilməyəcəkdir. Onun şəriət və peyğəmbərliyi qiyamət gününədək sabitdir”. تَبارَک الَّذی نَزَّلَ الْفُرقانَ عَلى عَبْدِهِ لِیَکُونَ لِلْعالَمینَ نَذِیراً “İnsanları (günahın nəticəsi və Allahın əzabından) qorxutsun deyə öz bəndəsinə Furqanı (Quranı) nazil edən Allah əzəmətli və böyükdür”. (3) Bəhs etdiyimiz ayə aşkar sürətdə bəyan edir ki, Quranın Peyğəmbərə (s) nazil olmasında hədəf həm Quranın, həm də Peyğəmbərin (s) qiyamətədək bütün insanları (Allahın əzabından) çəkindirməsidir. İmam Sadiq (ə) buyurur ki, «عالمین» “aləmin” kəlməsində məqsəd insanlardır və Allah hər bir insanı ayrılıqda bir aləm hesab etmişdir. Bunu təsdiq edən bir neçə Quran ayəsi də vardır: اَوَ لَمْ نَنْهَکَ عَنِ الْعالَمینَ “Camaat Lut peyğəmbərə (ə) dedi: “Biz səni aləmləri (insanları) himayə etməkdən çəkindirmədikmi?!””(4) Həmçinin, həzrət buyurmuşdur ki, böyük və kiçik olmaqla iki aləm vardır. “Böyük aləm” dedikdə xilqət və yaradılış aləmi, “kiçik aləm” dedikdə insan nəzərdə tutulur. Buna görə ki, insanın yaradılışı aləmin yaradılışı ilə oxşardır.(5) اِنَّ الّذینَ کَفَرُوا بِالذِّکْرِ لَمّا جاءَهُمْ وَ اِنَّهُ لَکِتابٌ عَزیرٌ* لایَاْتیهِ الْباطِلُ مِنْ بَیْنِ یَدَیْهِ وَ لا مِنْ خَلْفِهِ تَنْزیلٌ مِنْ حَکیم حَمید “O kəslər ki, Quran nazil olduğunda onu inkar etdilər, onları cəzalandıracağıq. Həqiqətən, Quran məğlubolunmaz bir kitabdır. Batil, istər əvvəlcədən, istərsə də sonradan heç vaxt ona yol tapa bilməmişdir və bu kitab hikmət sahibi olan Allah tərəfindən nazil olunmuşdur”.(6) Bu şərif ayədə «ذکر» “zikr” kəlməsi dedikdə Quran nəzərdə tutulur. Aşağıda qeyd olunan ayələr buna sübutdur: «اِنّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ اِنّا لَهُ لَحافِظُونَ » “Həqiqətən, Zikri (Quranı) biz nazil etdik və biz də onu qoruyacağıq!” (7) « وَ قالُوا یا اَیُّهَا الَّذی نُزِّلَ عَلَیْهِ الذِّکْرُ اِنَّکَ لَمَجْنُونٌ » “(Peyğəmbərə(s)) dedilər: “Ey Quranın nazil olduğu kəs! Sən məcnunsan (divanəsən)”. (8) «وَ اَنْزَلْنا اِلَیْکَ الذِّکْرَ لِتُبَیِّنَ لِلنّاسِ ما نُزِّلَ اِلَیْهِمْ وَ لَعَلَّهُمْ یَتَفَکَّروُنَ» “Biz Quranı sənə nazil etdik ki, camaata onlar üçün nazil olanı bəyan edib açıqlayasan. Bəlkə, düşünələr!”(9) Bütün bu ayələrdə qeyd olunan «ذکر» “zikr” kəlməsindən məqsəd Qurandır və «لا یاتیه» (la yətihi) kəlməsindəki əvəzlik «ذِکر» kəlməsinə aiddir. Buna əsasən, ayənin mənası belədir: Quran batilin heç bir halda nüfuz edə bilmədiyi bir kitabdır. Batilin Qurana nüfuzu bir neçə formada təsəvvür olunur: 1. Quran ayələri təhrif olunsun. 2. Onun hökmləri digər bir kitabın vasitəsilə aradan getmiş olsun. 3. Quranın xəbər verdiyi hadisələr baş verməsin və beləliklə, onun batil olması camaata aydın olsun. Ayə aşkar formada bəyan edir ki, batilin bu üç  formadan heç biri şəklində Qurana yol tapması mümkün deyil və bu kitab haqq olduğu üçün qiyamətədək insanlara höccət və dəlildir. Eyni zamanda, həmin məna bu mübarək ayədən də məlum olunur. اِنّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَ اِنّا لَهُ لَحافِظُونَ “Həqiqətən, Quranı biz nazil etdik və biz də onu qoruyacağıq!” Bu ayəyə əsasən, Quran batilin ona nüfuz edə bilmədiyi və qiyamətədək bu cür təsirdən amanda olan, sabit və haqq bir kitabdır. Nəticədə, Quranın höccət olması əbədidir və bu, Peyğəmbərin (s) risalət və şəriətinin əbədi olması və o həzrətdən sonra digər bir peyğəmbər və şəriətin gəlməyəcəyi deməkdir. وَ اُوحِیَ اِلَیَّ هذَا الْقُرانُ لاُنْذِرَکُمْ بِهِ وَ مَنْ بَلَغَ “De: “Bu Quran sizi və bu Quranın çatdığı hər bir kəsi onun vasitəsilə qorxudaraq nəsihət edim deyə mənə vəhy olunmuşdur”. (10) Mərhum Şeyx Təbərsi bu ayənin təfsirində belə yazır: “Yəni bu Quran, onun vasitəsilə ətrafındakıları və eləcə də, qiyamət gününədək bu Quranın çatdığı hər bir kəsi ilahi əzabla qorxutması üçün Peyğəmbərə (s) vəhy olunmuşdur. Buna görə də, Peyğəmbər (s) buyurmuşdur: “Mənim tövhid və Allaha sitayişlə bağlı dəvətimdən xəbərdar olan hər bir kəsə Quran çatmışdır”. Yəni artıq o şəxs üçün höccət tamam olmuşdur. (Hər bir şey ona çatdırılmışdır). Hətta bəzi alimlər belə vurğulamışlar: “Quranın çatmış olduğu hər bir kəs Peyğəmbəri (s) görən və İslamın bütün maarif və həqiqətlərini o həzrətdən eşidən şəxs kimidir. Ümumiyyətlə, Quran harada olsa, camaatı Allaha sitayişə dəvət edib onları ilahi əzabla qorxudacaqdır”.(11) Buna əsasən, ayədən asanlıqla başa düşülür ki, Peyğəmbərin (s) risaləti qiyamətədək davam edəcəkdir. وَ ما اَرْسَلْناکَ اِلاّ کافّهً لِلنّاسِ بَشیراً وَ نَذِیراً وَ لکِنَّ اَکْثَرَ النّاسِ لا یَعْلَمُونَ “Və Biz səni bütün insanlara müjdə verən və onları qorxudan göndərdik, lakin insanların əksəriyyəti bunu anlamırlar”. (12) Bu ayəyə bir qədər dərindən diqqət etdikdə aydın olur ki, « کافّه» ümumilikdə bütün insanlara şamil olur, yəni “Biz səni bütün bəşəriyyət üçün peyğəmbər göndərdik” cümləsi “Sənin risalətin ümumbəşər, beynəlmiləl və əbədidir” cümləsi ilə eynidir, çünki əks halda o Həzrət ümumbəşər peyğəmbər ola bilməzdi. Son olaraq diqqətə çatdırmalıyıq ki, Peyğəmbərin (s) xatəmiyyətinə dəlil olaraq istifadə olunan ayələr iki qrupdur: 1. Nübüvvətin həmişəlik olaraq sona çatdığını aşkar formada çatdıran ayələr. İstər kitab və şəriət gətirən, istərsə də özündən əvvəlki peyğəmbərin şəriətini davam etdirən nübüvvət sona çatmışdır. « وَلکِنْ رَسُولَ اللّهِ وَ خاتَمَ النَّبِیینَ» 2. Digər dörd ayə isə Peyğəmbərdən (s) və islam şəriətindən sonra onu aradan aparacaq digər asimani kitab və ya şəriət gəlmiyəcəyinə dəlalət edir. (13) Bunu da qeyd etməyi lazım bilirik ki, Quranda bundan əlaə 5 eyni mövzulu ayə də ardır, yorucu olmamaq üçün onları da nəzərinizə çatdırmağı lazım bilmirik. Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi Peinevesht: 1. Əhzab surəsi, ayə 40. 2. O, Peyğəmbərin (s) oğulluğu idi və öz zövcəsi Zeynəbi boşamışdı. 3. Furqan surəsi, ayə 1. 4. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282; Hicr surəsi, ayə 70. 5. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282. 6. Fussilət surəsi, ayə 41-42. 7. Hicr surəsi, ayə 9. 8. Hicr surəsi, ayə 6. 9. Nəhl surəsi, ayə 44. 10. Ənam surəsi, ayə 19. 11. “Məcməul-bəyan” təfsiri, c.4, səh.282. 12. Səba surəsi, ayə 28. 13. “Mənşuri-cavid”, c.7, səh.317 və 336.

Həzrət Muhəmməd (s) 03.01.2025

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur

Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر! أَ تُحِبُّ أَنْ تَدْخُلَ الْجَنَّةَ قُلْتُ نَعَمْ فِدَاکَ أَبِی، “Ey Əbuzər! Behiştə getmək istəyirsən?” Əbuzər cavabında ərz edir: “Atam sənə qurban, bəli!” Peyğəmbər (s) Əbuzəri behiştə dəvət etmək əsnasında üç əsaslı şərti bəyan edir: 1. فَاقْصِرْ مِنَ الْأَمَلِ – Uzun arzuları başından çıxart: Bir çox rəvayətlərdə üzərində təkid edilən mövzulardan biri də möminin uzun-uzadı arzulardan yaxa qurtarmasıdır. Uzun arzular insanın ilahi vəzifələrini yerinə yetirməsinə əngəl törədir və onu mənəvi tərəqqidən saxlayır. İnsan arzusuna çatmaq üçün ilahi hədəfləri kənara qoyur, özündən bixəbər olur, sabahın fikri ilə dəyərli fürsətləri əlindən qaçırır. Uzun arzuların təhlükəsi barəsində, onların insanı şübhəyə salib sonra kiçik günahlara sövq etməsi və nəhayət, böyük günahlara əl atmağa qədər uçuruma sürükləməsi ilə bağlı təhlükə hiss edən imam Əli (ə) buyurur: “Ey camaat! Mən sizə görə ən çox iki şeydən qorxuram: biri nəfsin istəklərinə tabe olmaq, digəri isə uzun arzulara qapılmaqdır. Nəfsin istəklərinə uymaq insanı haqq yoldan saxlayar, uzun arzular isə axirəti unutdurur.” (“Nəhcül-bəlağə” (tərc.), xütbə 42, səh.127.) 2. وَ اجْعَلِ الْمَوْتَ نُصْبَ عَیْنَیْکَ – Ölümü gözlərinin önündə gör: İkinci şərt budur ki, həmişə ölümü xatırlasın. Bu şərtin birinci şərtdən sonra gətirilməsi, bu iki şərt arasında yaxın əlaqənin olduğunu göstərir. Çünki insan əgər uzun arzuları fikir dairəsindən çıxarmaq istəsə, gərək daim ölüm haqqında düşünsün. Çünki ölümü yadına salanda dünyəvi arzuların aqibəti və puçluğu da onun nəzərində mücəssəm olur. Buna görədir ki, uzun arzuları kənarlaşdırmaqla ölümü fikirləşmək arasında sıx əlaqə mövcuddur. Arzu etmək kamil olaraq insanın ixtiyarında deyil. İnsan maddiyyata önəm verən bir mühitdə tərbiyə tapdığı zaman, görməlilər və eşitməlilər ona təsir edir; onun gözünü və qulağını dünyaya dikdirib istər-istəməz dünyəvi arzuları onun qəlbinə yeridir. İndi nə etməliyik ki, dünyanın bər-bəzəyi bizi özünə cəlb etməsin və başımızda uzun arzular bəsləməyək?! Peyğəmbər (s) Əbuzərə tövsiyə edir ki, ölümü həmişə gözlərinin qabağına gətirsin. Əgər bir kəs həmişə bu həyatın sonunun ölüm olduğuna layiqincə diqqət yetirə bilsə, anlayacaqdır ki, bu dünyaya ürək bağlamağına dəyməz. Ürək bağlanası şey sonsuz, tükənməz olmalıdır. Bu da ancaq axirətin pak həyatıdır. Rəvayətlərin birində Peyğəmbər (s) buyurur: “İnsanlarin ən zirəki ölümü tez-tez xatırlayandır.” (“Biharul-ənvar”, c.6, səh.130.) Məlumdur ki, zirək insan aldanmaz, dünya və axirət arasında ən yaxşısını seçər. Zirək insan biləndə ki, dünyanin axırı ölümdür, ona məhəl qoymaz. Hər halda, ölümü anmaq dünya məhəbbətindən və onun arzularına mübtəla olmaqdan yaxa qurtarmaq üçün təsirli bir dərmandır. 3. وَ اسْتَحِ مِنَ اللَّهِ حَقَّ الْحَیَاءِ – Allahdan necə lazımsa həya et: Behiştə daxil olmağın üçüncü şərti Allahdan həya etməkdir. Peyğəmbərn (s) Allahdan həya etməyin lüzumunu açıqlayarkən Əbuzər fikirləşir ki, yəqin Peyğəmbərin (s) xüsusi məqsədi var, buna görə də soruşur: قَالَ قُلْتُ یَا رَسُولَ اللَّهِ کُلُّنَا نَسْتَحِی مِنَ اللَّهِ، “Ey Allahin Rəsulu (s), elə bizim hamımız Allahdan həya edirik.” Peyğəmbər (s) isə bu həyanın kafi olmadığını deyəndən sonra, Allahdan həya etməyin üç cilvəsini qeyd edir: قَالَ لَیْسَ ذَلِکَ الْحَیَاءَ، وَ لَکِنَّ الْحَیَاءَ مِنَ اللَّهِ أَنْ لَا تَنْسَى الْمَقَابِرَ وَ الْبِلَى، وَ الْجَوْفَ وَ مَا وَعَى وَ الرَّأْسَ وَ مَنْ حَوَى، “Allahdan həya etmək siz düşünən kimi deyil, Allahdan həya etmək odur ki, qəbirləri və viranələri yaddan çıxarmayasan.” Qəbiristanlıqlara üz tutub torpağın altında uyuyan ölülər və onların aqibəti haqqında fikirləşəsən. Əxlaq ustadları da şagirdlərinə tövsiyə edirdilər ki, hər gün qəbiristanlığa getsinlər, ən azı həftədə bir dəfə olsa, qəbiristanlığa baş çəksinlər ki, bir az da olsa, ürəklərindən dünya məhəbbəti və maddi həvəslər təmizlənsin; heç olmasa, dünya və axirət arasında ümumi tarazlıq yaransın. Elə olmasın ki, insan dünyəvi işlərə qapanıb qalsın və dünya eşqi onun ürəyinə kölgə salsın, Allah xofunu dərk etmək istəməsin və imam Hüseynin (ə) adı gələndə gözləri yaşarmasın. Ya da behiştin və onun nemətlərinin adı çəkiləndə ürəyi çırpınmasın. İlahi həyanın ikinci nişanəsi budur ki, insan nə yediyinin fərqində olmalıdır. Əgər insan əlinə keçən hər şeyi içəri ötürsə və haram loğmanı yeməkdən çəkinməsə, get-gedə qəlbini qəsavət basacaq, ürəyindəki ilahi nur sönməyə başlayacaq. İnsan nə yediyinə diqqət etməlidir. Ürəyin qəsavətinə səbəb olan şübhəli, haram yeməklərdən uzaq durmalıdır. Belə olmazsa, onda ibadətə meyil zəifləşəcək və ürəyində Allah qorxusu, behişt şövqü və Allah dərgahına yaxınlaşmaq hissi əmələ gəlməyəcəkdir. Deməli, ilahi həyanın yaranması üçün qarına və orada yer tutan yeməklərə diqqət zəruridir. Qurani-Kərimdə insana tövsiyə edilir ki, nə yediyinə fikir versin: “(Ey) insan, nə yediyinə bir bax!” (“Əbəsə” surəsi, ayə 24.) İlahi həyanın üçüncü nişnəsi budur ki, insan baxıb görsün, başında hansı fikri bəsləyir, ağlından hansı arzular, havalar keçir. Əgər xəyalını batil fikirlərdən ələyib təmizləsə və qəlbinin təmizliyinə çalışsa, ilahi həyanı orada yerləşdirə biləcəkdir. Həzrət buyurur: “Başını və onda olanlara, yəni gözə, qulağa, dilə nəzarət et.” Hədisin davamında Peyğəmbər (s) Əbuzərə buyurur: وَ مَنْ أَرَادَ کَرَامَةَ الْآخِرَةِ فَلْیَدَعْ زِینَةَ الدُّنْیَا، فَإِذَا کُنْتَ کَذَلِکَ أَصَبْتَ وَلَایَةَ اللَّهِ. “Axirətin kəramətini istəyən kəs dünya zinətlərini tərk etməlidir. O vaxt ki belə ola bildin, bil ki, Allaha dostluq məqamına çatmısan.” Elə ki, insan dünyadan qırıldı, ona etinasız oldu, meylini axirətə, onun əbədi nemətlərinə və Allaha yaxınlaşmağa salacaq, axirətdə əziz və kəramətli kəslərdən olacaqdır. Bunun müqabilində, əgər dünya insanın nəzərində böyük görünsə, axirət nəzərində kiçiləcəkdir. İlahi, bizi Öz nemətlərindən düzgün istifadə etməkdə müvəffəq et və behişt yolundan uzaqlaşdırma! (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, 25-ci dərs, səh.63-73.) (Maide.az)

Həzrət Muhəmməd (s) 03.01.2025

Rəsuli-əkrəm (s) Məhəbbət ocağı

Rəsuli-əkrəm (s) məhəbbət ocağıdır. Mütəal Allah onu belə tanıtdırır: “Muhəmməd, Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. (“Fəth” surəsi, ayə 29) Peyğəmbərin (s) yanında olanlar  və ona yaxın olanlar da məhəbbət ocağıdır. “Bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”. Həmçinin onlar: “Rüku edən, səcdəyə qapanan”, ibadət əhli və Allaha üz tutanlardır. Allaha bəndəlik Peyğəmbərin (s) şərəfidir Merac gecəsinin xüsusi ziyafətində Allah Taala Peyğəmbərə (s) bəndəlik verdi. Sübh vaxtı bu ayə nazil oldu: “Bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir”. (“İsra” surəsi, ayə 1) Həzrət məhz bəndəlik məqamını aldı. Allahın məhz qulu Allahın tövhid, rəhmət və məhəbbətinin ocağıdır. O, bəndələrə qarşı o qədər mehriban idi ki, bəzi ayələrdə Allah ona təskinlik verərək buyurur: “(Ya Rəsulum!) Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlak edəcəksən?!” (“Kəhf” surəsi, ayə 6) Tövbə surəsində buyurur: “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (“Tövbə” surəsi, ayə 128) Peyğəmbər (s) bəşəriyyətin iman gətirməsinə teşnə “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” Əgər müəllim şagirdinin başına qışqırırsa, bu, onu bir addım yuxarı aparmaq üçündür. Çünki müəllimin şagirdinə qarşı bir kinəsi yoxdur. Peyğəmbərin (s) teşnəliyi bütün bəşəriyyətə aid idi. Çünki bütün bəşəriyyətin müəllimi idi. İstəyir ki, bütün aləmə özündə, yəni öz vücudunda yer versin ki, hamı Muhəmmədiyyə (s) həqiqətindən fayadalansın. Peyğəmbərin (s) təvazökarlığı Bir gün Peyğəmbər (s) səhabələrindən bir dəstəsi ilə bir yerdən keçirdi. Həzrət gördü ki, bir qoca qadın quyuya vedrə atıb və çox zəhmətlə su çəkir. Peyğəmbər (s) qarının yanına gedib vedrəni onun əlindən alır, özü suyu çəkir və məşki doldurur. Məşk çox böyük idi. Ona görə də həzrət qarıya buyurdu ki, sən məşki apara bilməzsən, özüm aparacağam. Peyğəmbərin (s) səhabələri suyu özləri aparmaq istədi. Bunun üçün nə qədər təkid etsələr də, həzrət razı olmadı və buyurdu: “Ümmətin yükünü onun peyğəmbəri daşımalıdır”. Nə qədər gözəldir! Bəziləri kiçik bir mövqeyə sahib olduqda hamının onun görüşünə gəlməsini istəyirlər. Allahın Öz Peyğəmbərini (s) belə əzəmətlə tərifləməsi, onun məhz bəndə olmasına görədir. Həzrət məşki çiyninə aldı, onu qarının evinin qapısına gətirdi və qayıtdı. Qarı övladlarını səsləyib dedi: – Bu qayıdıb gedən mürüvvətli şəxs məşki gətirdi. Qarının övladları həzrətin arxasınca qaçdılar. Ona çatanda onun Peyğəmbər (s) olduğunu gördülər. Onlar Peyğəmbərlə (s) görüşüb geri qayıtdılar və analarına dedilər: – Ana bilirsən o kimdir? Anaları “yox” deyə cavab verdi. Dedilər: – Ana, həmişə deyirdin ki, görəsən bir dəfə Peyğəmbəri (s) görə bilərəmmi?! O, Peyğəmbərin (s) özü idi. Qarı həzrətin ardınca qaçır, öz üzünə vururdu ki, mən gör necə ədəbsizlik etmişəm! Peyğəmbər (s) ona tərəf qayıtdı və onunla mehribanlıqla rəftar etdi. Sonra da onu evinə qaytarıb dedi: “Bu iş mənim vəzifəm idi, narahat olma”. Peyğəmbərin (s) ümmət üçün istiğfarı “O sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” Peyğəmbər (s) bizə qarşı teşnə və mehribandır. Belə ki, elə indi də ona qonaq olsan, sənin üçün istiğfar edər: “Biz hər bir peyğəmbəri, ancaq ona Allahın iznilə itaət olunsun deyə, göndərdik. Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər”. (“Nisa” surəsi, ayə 64)

Həzrət Muhəmməd (s) 03.01.2025

Peyğəmbərimiz (s) qonağı necə yola salardı?

Peyğəmbərimiz (s) qonağı necə yola salardı? Qonağı mənizlin qapısına qədər ötürmək İslam əxlaqındandır. Bu yolla qonağa demək istəyir ki, səni gördüyümə şadam və bir daha gəlmiyini istəyirəm. Həzrət Peyğəmbər (s) buyurur: “Qonağın ev sahibi üzərindəki haqlarından biri budur ki, onunla birlikdə getsin, o zamana qədər ki, mənzilindən xaric olar”. Peyğəmbər (s) o zaman ki, bir möminlə xudahafizləşər idi, ona buyurardı: “Allah sizə təqva azuqəsi versin, sizi bütün yaxşılıqlara agah etsin, hacətlərinizi yerinə yetirsin, din və dünyanızı sağlam etsin, mənə tərəf salamatlıqla qayıdasınız”. Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) müsafiri yollayan zaman əlindən tutub buyarardı: “Allah yaxşı yoldaşları sənə nəsib etsin, xoşagəlməz hadisələri sənin üçün asan etsin, uzağı sənə yaxın etsin, azuqəni sənin üçün kifayət etsin, din və əmanətini qorusun, əməlini xeyirlə xətmləndirsin, səni bütün yaxşılqlara agah etsin. Allahın bərəkəti ilə hərəkət et”. Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Bir həyat yoldaşım vardır ki, evə gələn zaman məni qarşılayır, evdən çıxan zaman məni yola salır, məni qəmgin görən zaman deyir: Əgər ruzi üçün qəm yeyirsənsə bil ki, başqası (Allah) onu öhdəsinə götürmüşdür. Əgər axirət üçün qəm yeyirsənsə, Allah qəmini çoxaltsın”. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın yer üzərində işçiləri və köməkçiləri vardır və bu qadın Allahın işçilərindəndir və o, şəhidin savabının yarısına malikdir”. (“Erfan” saytına istinadən)

Həzrət Muhəmməd (s) 03.01.2025

Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) vəfatı günüdür!

Sevimli peyğəmbərimiz həzrət Muhəmmədin (s) vəfatı günüdür! Mehribanlıq və rəhmət vəsiləsi. Əvvəla onu deyək ki, sonuncu peyğəmbər həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) yetərincə tanınmamış şəxsiyyətdir. O həzrətin yetərincə tanınmamasının müxtəlif obyektiv və subyektiv səbəbləri vardır. İslam dininin düşmənlərinin tarix boyu İslam dininin əleyhinə aparılıan təbliğatlar müsəlmanları, xüsusilə də həzrəti Muhəmmədi (s) davakar, savaşcıl, rəhmsiz olaraq dünyaya tanıtdırmağa çalışmış və bu istəklərinə müəyyən mənada nail olmuşlar. Hətta İslamın həqiqətlərindən xəbərsiz olan bir çox elmsiz müsəlmanlar da düşmənlərin həzrət Muhəmmədin (s) əleyhinə olan yalanlarına inanmışlar. Sevimli peyğəmbərimizin (s) əxlaqı və ali insani xüsusiyyətləri barədə müsəlman alimləri tərəfindən minlərlə kitab və əsərlər yazılmışdır, hətta bir çox qeyri-müsəlman alim və yazıçılar da o həzrətin əxlaq və şəxsiyyətinin vurğunu olub onun (s) barəsində kitablar yazmışlar. Həzrət Muhəmmədi (s) insanlara ən yaxşı tanıtdıran Allah Taaladır. Qurani-kərim peyğəmbərlərin sonuncusunu (s) layqincə tanıtdıran bir İlahi vəhy kitabıdır. Qurani-kərim həzrət Muhəmmədi (s) müxtəlif ayələrdə tərif etmiş, o həzrəti bütün bəşəriyyətə Qiyamət gününə qədər ən gözəl ülgü və nümunə olaraq təqdim etmişdir. Qurani-kərimin həzrət Muhəmmədi (s) vəsf edən ayələrini iki qrupa bölmək olar, birincə dəstə ayələr o həzrətin şəxsiyyəti barədə olan ayələrdir. Yəni həzrət Muhəmmədi (s) nəbi (peyğəmbər), rəsul (elçi), vəli (yiyə, sahib), bəşir (müjdələyən), hadi (hidayət edən) və sair xüsusiyyətlərə əsasən tərif edən ayələrdir. Sanki bir nəfər yaxşı müəllim, pedaqoq, yazıçı, araşdırmaçı və sair xüsusiyyətlərinə görə vəsf edilir. İkinci dəstə ayələr isə həzrət Muhəmmədin (s) şəxsən özünü vəsf edən ayələrdir. Yəni o həzrətin peyğəmbərlik, elçilik və sair xüsusiyyətlərini nəzərə almadan, başqa sözlə o həzrətin varlığını və vücudunu vəsf edən ayələrdir. Mən bir neçə kəlmə həzrət Muhəmmədi (s) şəxsən vəsf edən ayələr barədə söz demək istəyərdim. Bu ayələr bütün dünyaya çatdırılmalıdır, təki hazırkı dünyada düşmənlərin o həzrəti davakar, savaşcıl və rəhmsiz biri olaraq təqdim etməyə çalışanların, İslam və müsəlman adı ilə dünyanın hər yerində amansız cinayətlər edənlərin cinayətlərinin nəticəsiz qalmasına səbəb olsun. Birinci ayə, Ənbiya surəsinin 107-ci ayəsi وَ مَا أَرْسَلْنَكَ إِلَّا رَحْمَةً لِّلْعَالَمِينَ “(Ya Muhəmməd!) Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik.” Aləm nədir? Aləm, yəni Allahdan başqa hər şey və hər kəs. Bundan başqa aləm sözünün ayədə cəm formasında gəlməsi kainatdakı varlıqların hamısının özünəməxsus aləmlərə aid olduqlarına da işarədir. İnsanlar aləmi, cinlər aləmi, mələklər aləmi, heyvanlar aləmi, nəbatat aləmi, cəmadat aləmi, mələkut aləmi və sair. Baxın, həzrət Muhəmməd (s) bütün varlıq aləmi üçün rəhmət, mərhəmət və mehribalıq səbəbidir. . İkinci ayə, Ənfal surəsi 33-cü ayə وَ مَا كَانَ اللَّهُ لِيُعَذِّبَهُمْ وَ أَنتَ فِيهِمْ “(Ey Muhəmməd!) Sən (rəhmət peyğəmbəri) onların arasında ola-ala Allah onlara əzab verməz.” Bu ayədə “onların” kəlməsi məkkəlilər, mədinəlilər, hətta bütün insanlar mənasında izah edilmişdir. Peyğəmbərin (s) əzəmətinə baxın! Görün o həzrət necə rəhmət, mərhəmət və mehribanlıq vasitəsidir ki, o həzrətə xatir kafirlər və günahkarlar belə İlahi əzab və bəlalardan amanda qalırlar. . Üçüncü ayə, Bələd surəsi 1-ci və 2-ci ayələr لَا أُقْسِمُ بهِاذَا الْبَلَدِ وَ أَنتَ حِلُّ بهِاذَا الْبَلَدِ “(Ey Muhəmməd!) And içirəm bu şəhərə (Məkkə şəhərinə). Çünki sən bu şəhərin (Məkkə şəhərinin) sakinisən.” Bu ayələr insanın bütün vücudunu lərzəyə salır. Allah Taala bu surədə Məkkə şəhərinə həzrət Muhəmmədin (s) o şəhərin sakini olduğu üçün and içir. Belə bir peyğəmbərə, rəhmət və mehribanlıq peyğəmbərinə tabe olmaq, o həzrəti sevənlərdən olmaq həqiqətən böyük bir şərəfdir. Bu ayə onu göstərir ki, Məkkə şəhərinin müqəddəsliyi zatı deyil, yənin onun özündən deyil. Məkkənin müqəddəsliyi kənardandır. Ancaq həzrət Muhəmmədin (s) müqəddəsliyi onun özündəndir, o həzrətin bütün vücudu və varlığı müqəddəsdir.   RZA ƏZİZOĞLU İRƏVANİ

Həzrət Muhəmməd (s) 03.01.2025

Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı

Həzrət Muhəmmədin (s) insanlara şəfqəti və qayğısı . Özlərini cəmiyyətin düzəlməsinə, islahına vəqf edən və onların xoşbəxtliyi üçün heç bir səy və bacarıqlarını əsirgəməyən şəxslərə baxdıqda görürük ki, onlar öz vəzifələrini şəfqət, eşq və qayğı hissi ilə yerinə yetirirlər. Şübhəsiz, onlar cəmiyyətdə və insanların qəlblərində öz yerlərini möhkəmləndirmiş və müxatəbləri ilə daha yaxın ünsiyyətdə olurlar. Nəticədə insanlar onlara ehtiram gözü ilə nəzər salır, onlara etibar edir, asanlıqla onların sözlərini və istəklərini qəbul edirlər. İnsanlar elə şəxslərin aşiqidirlər ki, cəmiyyətin islahı və onların çətinliklərinin aradan qaldırılması üçün hayküysüz olaraq çalışırlar. Əgər bu şəfqətdən doğan, həmçinin riyakarlıqdan uzaq olan xidmət, səmimi və Allah Taalanın razılığını qazanmaq xatirinə olarsa, nəticədə cəmiyyətin xeyrinə olan hərəkətlərində böyük müvəffəqiyyətlərə nail olarlar. Bu xüsusiyyət İlahi rəhbərlərdə və cəmiyyətin başçılarında daha xüsusi əhəmiyyətə malikdir. Qurani-kərim həzrət Muhəmmədin (s) bu gözəl və bəyənilmiş xasiyyətini təqdim edərək Tövbə surəsinin 128-ci ayəsində buyurur: لقد جاءكم رسول من انفسكم عزيز عليه ما عنتم حريص عليكم بالمؤمنين رءوف رحيم‌ “Həqiqətən sizə özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizin (xoşbəxtliyinizi) daha çox istəyir. Möminlərə qarşı çox mərhəmətli və mehribandır.” Bəzi müxaliflər həzrət Muhəmmədin (s) şəfqət və mehribanlığını onun sadəlövhlüyü hesab edirdilər, peyğəmbərin (s) hətta xatakar insanlara qarşı göz yummasını yanlış rəftar sanmışlar. Onlar peyğəmbərin (s) bütün insanlarla şəfqətli və qayğılı davranışını bəhanə edərək o həzrətə nalayiq sözlər demişlər. Allah Taala Qurani-kərimin Tövbə surəsinin 61-ci ayəsində buyurur: وَ مِنهْمُ الَّذِينَ يُؤْذُونَ النَّبىِ‏َّ وَ يَقُولُونَ هُوَ أُذُنٌ قُلْ أُذُنُ خَيرْ لَّكُمْ يُؤْمِنُ بِاللَّهِ وَ يُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَ رَحْمَةٌ لِّلَّذِينَ ءَامَنُواْ مِنكمُ‏ْ وَ الَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لهَمْ عَذَابٌ أَلِيمٌ “Onların bəziləri peyğəmbəri incidir və “o, (başdan başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “o, sizin üçün yaxşı bir qulaqdır. Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizin iman gətirənləriniz üçün bir rəhmətdir”. Allahın peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.” Sonuncu peyğəmbərin (s) şəfqət və qayğısı o qədər çox idi ki, bəzi vaxtlar qüssə və narahatlıqdan ölüm həddinə yaxın olurdu. Həzrət Muhəmməd (s) bəzi müsəlmanların əyrilikləri və günahlara düçar olmaqlarından narahat olurdu. Həmçinin müsəlmanlardan bəzilərinin azğınlıq və cahilliyindən də əziyyətdə və narahatçılıqda idi. Belə ki, Allah Taala Qurani-kərimin Kəhf surəsinin 6-cı ayəsində həzrət Muhəmmədin (s) şəfqət və qayğısını bizlərə xatırladaraq buyurur: فلعلك باخع نفسك علی آثارهم ان لم يؤمنوا بهذا الحديث اسفا “Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirmədikləri təqdirdə onların ( üz döndərmələrinin) ardınca qəm-qüssənin şiddətindən özünü həlak edəcəksən?” Salam olsun şəfqət və mehribanlıq nümunəsi olan həzrət Muhəmmədə -səllAllahu əleyhi və alih. Rza Əzizoğlu İrəvani

Həzrət Muhəmməd (s) 03.01.2025

Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.

Həzrət Muhəmmədin (s) əxlaqi islahatları. . Sonuncu peyğəmbər həzrət Muhəmmədin -səllAllahu əleyhi və alih- cəmiyyəti islah etməsi və cəmiyyətin fəsaddan və pozuculuqdan uzaqlaşdırması yalnız insanların xoşbətliyi və firavanlığı üçün olmuşdur. Cəmiyyətin islah olunmasını istəyən hər bir şəxs sevimli Peyğəmbərimizin (s) yolunu getməli və o həzrətin həyat yolundan dərslər və nümunələr götürməlidir, təki o vasitələrdən və peyğəmbərin (s) göstərişlərindən istifadə edərək sivil və əxlaqlı bir cəmiyyətin qurulmasında bir vətəndaş kimi azacıq da olsa onun do rolu olsun. Qurani-kərim Əhzab surəsinin 21-ci ayəsində buyurur: لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللَّهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُو اللَّهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللَّهَ كَثِيرًا “Həqiqətən, Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün Allahın Rəsulu çox gözəl (nümunə və) örnəkdir!” 1- Cahillik, elmsizlik və nadanlıqla mübarizə. . Cəmiyyətdə fəsad və pozuculuğun qarşısının alınması məqsədilə həzrət Muhəmmədin (s) görməli olduğu lazımlı işlərin birincisi insanların təlim və tərbiyəsi idi. Təlim və tərbiyə hədəfli bir insanın düzgün rəftar və davranışları ilə qarşı tərəfdə müsbət bir rəftar dəyişikliyi yaradaraq o şəxsdə əxlaq, elm və bacarıq xüsusiyyətləri yaratmaq və onu cəmiyyətin layiqli və hədəfli yaşayışa malik bir üzvünə çevirməkdən ibarətdir. Başqa sözlə desək, təlim və tərbiyə hər bir insanın batinindəki istedad və bacarıqların üzə çıxması üçün şəraitin yaradılmasından ibarətdir. Təki insanlar lazımlı həyat hədəfləri və güzgün həyat proqramları əsasında ixtiyari şəkildə tərəqqi və təkamülə yüksəlsinlər. Qurani-kərim bir çox ayələrdə elmin dəyəri və alimlərin məqamlarına işarələr etmiş, cahillik və elmsizliyi şiddətli şəkildə tənqid edərək pisləmişdir. Qurani-kərimə əsasən insan heç vaxt elm öyrənməkdən yorulmamalı və ömrünün axırına qədər elm öyrənməyə davam etməlidir. Qurani-kərim Taha surəsinin 114-cü ayəsində keçmişin və gələcəyin bütün elmlərinə vaqif olan sevimli peyğəmbərimiz həzrət Muhəmmədə (s) xitab edərək buyurur: وَ قُلْ رَبِّ زِدْنِی عِلْماً “(Ey Peyğəmbər!) De: ey Rəbbim, mənim elmimi artır.” Deməli, insan üçün həyatda elə bir zaman və ya elə bir savad və səviyyə həddi yoxdur ki, həmin anda insan elm öyrənməyə ehtiyaclı olmaya. Həmçinin Qurani-kərim Zumər surəsinin 9-cu ayəsində buyurur: قُلْ هَلْ یسْتَوِی الَّذِینَ یعْلَمُونَ وَ الَّذِینَ لا یعْلَمُونَ “(Ey Peyğəmbər!) De: Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?!” Bu ayə elmin nə qədər dəyərli olduğunu, eləcə də bilik əhlinin nadanlardan seçilməsinin əsas mənbəyinin elmdən ibarət olduğunu bəşəriyyətə çatdırır. Hədislərdən birində gəlmişdir ki, bir gün həzrət Muhəmməd (s) məscidə daxil olduqda oradakı insanların iki dəstəyə ayrıldığını, bir dəstənin ibadət etdiyini o biri dəstənin isə təlim və tərbiyə ilə məşğul olduğunu gördükdə buyurdu: “Hər iki dəstə xeyir işdədir, lakin mən insanların təlim və tərbiyəsi üçün göndərilmişəm.” Sonra o həzrət addımlayaraq elm öyrənən dəstənin yanına gedərək onlarla oturdu…” Minyətul murid (Şəhid Sani) 106-cı səhifə. Həzrət Muhəmməd (s) elm öyrənməyə o qədər önəm vermişdir ki, müharibələrdə düşmən tərəfdən əsir düşmüş kəslərə buyururdu: “Sizlərdən kim 10 nəfər müsəlman uşağına yazıb oxumağı öyrədərsə azad olacaqdır.” Ərrəvzul ənif fi şərhis Sirətun Nəbəviyyə libni Hişam (Suhəyli) 5-ci cild 167-ci səhifə. 2- Xurafatlar və cahilanə adət-ənənələrə qarşı mübarizə. Xurafatlar və cahilanə adət-ənənələrin kökü ən çox ictimai fəsadlar, pozuculuqlar və günahlardan qaynaqlanır. Buna görə də həzrət Muhəmməd (s) onları camaatın həyat səhnəsindən silmək üçün elmi və əxlaqi sahələrdə geniş maarifləndirmə təbliğatı ilə məşğul olmuşdur. Qurani-kərim də həmin xurafatların bəzilərinə işarələr etmişdir. وَقَالُوا هَٰذِهِ أَنْعَامٌ وَحَرْثٌ حِجْرٌ لَا يَطْعَمُهَا إِلَّا مَنْ نَشَاءُ بِزَعْمِهِمْ وَأَنْعَامٌ حُرِّمَتْ ظُهُورُهَا وَأَنْعَامٌ لَا يَذْكُرُونَ اسْمَ اللَّهِ عَلَيْهَا افْتِرَاءً عَلَيْهِ سَيَجْزِيهِمْ بِمَا كَانُوا يَفْتَرُونَ “Onlar öz (batil) iddialarına əsasən: “Bu davarlar və əkinlər haramdır, onları bizim istədiklərimizdən başqa heç kəs yeyə bilməz. Bunlar da minilməsi qadağan edilmiş heyvanlardır”, – dedilər. Elə heyvanlar da vardır ki, (onları kəsərkən) Allahın adını çəkməzlər. (Onlar) bütün bunları (Allahın əmridir deyə) Allaha iftira yaxaraq edərlər. Yaxdıqları iftiraya görə (Allah) onların cəzalarını verəcəkdir.” O zamanın xurafatlarından biri də bu idi ki, bəzi dəvələri bütlərə hədiyyə etmiş sayırdılar, buna görə də onlardan nə minik kimi və nə də yük daşımaq üçün istifadə etməyi, onların südləri və ətlərini özlərinə haram bilirdilər. Deyirdilər: Bunların ətlərindən və südlərindən yalnız bəzi kişilərdən başqa heç kim istifadə edə bilməz. Hətta bəzi əkinlərini də bütə vermiş sayırdılar… Həzrət Muhəmmədin (s) yorulmaz səylərindən və davamlı maarifləndirməsindən sonra bu xurafatın kökü kəsildi. O zamanın cahil cəmiyyətində çoxlu xurafatlar, yanlış davranış qaydaları və puç adət-ənənələr vardı, lakin bununla belə həzrət Muhəmməd (s) onların hamısına qarşı elm və maarifləndirmə ilə mübarizəyə başladı və çox böyük müvəffəqiyyət qazana bildi. Odur ki, həzrət Muhəmməd (s) özü bu barədə buyurur: “Cahiliyyət (nadanlıq) dövrünün bütün puç adət-ənənələrini ayaqlarımın altına qoydum.” Əl-mucazatun Nəbəviyyə (Şərif Rəzi) 137-ci səhifə. Yəni, o zamanın ən pis xurafatlarını və puç adətlərini cəmiyyətdən uzaqlaşdırdım. 3- İnsanlarla mülayim rəftar və güzəşt etmək. İslam dininə əsasən cəmiyyətdəki bütün insanlarla, istər müvafiq istər müxaliflərlə mülayim davranmaq zəruridir, eləcə də əfv və bağışlamaq, güzəştə getmək İslam dininin əsas sütunlarından, İslam əxlaqının ən bəyənilmiş əxlaqi sifət və xasiyyətlərindən sayılır. Həzrət Muhəmməd (s) bəşəriyyətin əxlaq ustadı olaraq həmişə insanların gözəl əxlaqa yiyələnmələrini özünün əsas hədəflərindən bilərək buyurmuşdur: “İnsanların ən ağıllısı camaatla mülayim rəftar və yumşaq əxlaq ilə davanan şəxsdir… İnsanların ən pisi isə camaatla təhqir və alçaltma ilə rəftar edəndir.” Mən la yəhzurəhul fəqih 4-cü cild 395-ci səhifə. Cəmiyyətə rəhbərlik edən şəxslər bu üslubdan istifadə etməklə çox böyük uğurlar qazana bilərlər. Həzrət Muhəmməd (s) cəmiyyəti düz yola hidayət etmək hədəfində bu üslubdan istifadə etməklə öz dəvətinin rəhmət, mehribanlıq, insanlarla mülayim rəftar, yumşaqlıq, məhəbbət və şəfqət əsasında olduğunu bütün varlıq aləminə göstərdi. O həzrət buyurur: “Mən hənif (təkAllahlıq) dini ilə güzəşt və asanlıq əsasında peyğəmbərliyə seçilmişəm. Mənim sünnəm (rəftar üslubum) ilə müxalifətçılik edən şəxs məndən deyil.” Tarixi Bağdad 7-ci cild 218-ci səhifə RZA ƏZİZOĞLU İRƏVANİ

1 2 3 4 5