Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 10.01.2025

Fəzilətlər dəryasından bir damla

Vilayət şahı, hidayət şamı, müttəqilər və möminlərin mövlası, Allah və Peyğəmbərin (s) sevimlisi imam Əli ibn Əbu Talibin (ə) fəzilətlərindən nə qədər desək və nə qədər yazsaq da, o həzrətin sonsuz hikmət, qeyrət, fəzilət, dəyanət və şücaət dəryası müqabilində yalnız bir damladır. Xəlil ibn Əhməd imam Əlinin (ə) fəzilətləri haqda necə də gözəl demişdir: کیف اصف رجلاً کتم اعادیه محاسنه حسداً و احبّائه خوفاً و ما بین الکلمتین ملأالخائفین؛ “O kişini necə vəsf edim ki, düşmənləri həsəd üzündən, dostları isə düşmənlərinin qorxusundan onun fəzilət və gözəlliklərini gizlətdilər. Bununla belə, onun fəzilət və gözəllikləri qərb və şərqi bürümüşdür.” (“Rozətul-muttəqin”, 13-cü cild, səh.265.) Bundan da uca bir məqam varmı ki, Əmirəlmöminin Əli (ə) Peyğəmbəri-Əkrəmə (s) iman gətirən və o həzrətin çiyninə çıxıb bütləri sındıran ilk şəxsdir. Peyğəmbəri-Əkrəm (s) tərəfindən dəfələrlə imamət və xilafət məqamına təyin edildi. Hicrət gecəsi, o qorxulu zamanlarda Peyğəmbəri-Əkrəmin (s) yatağında yatdı. Peyğəmbər (s) ümmətinin və on bir məsum imamın atası idi. Peyğəmbərin (s) sevimli qızı xanım Fatimeyi-Zəhra (s.ə.) həyat yoldaşı idi. “Xəndək” döyüşündə Peyğəmbərin (s) nidasına “ləbbeyk” deyən, küfr ordusunun pəhləvanı Əmr ibn Əbdəvüdün kürəyini yerə vuran, bir zərbəsi bütün cin və insanların ibadətindən fəzilətli sayılan, “Xeybər” döyüşündə “Xeybər” qalasının qapısını yerindən qoparıb İslam ordusunu nüsrət və qələbəyə yetirən yeganə şəxsdir. İmam Əli (ə) elə bir şəxsiyyətdir ki, onu Allah və Peyğəmbərdən (s) başqası layiqincə tanıya bilmədi. Peyğəmbər (s) o həzrətə xitabən buyurmuşdur: يَا عَلِيُّ مَا عَرَفَ اللَّهَ حَقَّ مَعْرِفَتِهِ غَيْرِي وَ غَيْرُكَ وَ مَا عَرَفَكَ حَقَّ مَعْرِفَتِكَ غَيْرُ اللَّهِ وَ غَيْرِي “Ya Əli! Allahı mən və səndən başqa, layiqincə tanıyan olmadı. Səni də Allah və məndən başqası, layiqincə tanıyan olmadı.” (“Əl-mənaqib”, İbn Şəhr Aşub”, 3-cü cild, səh.268.) Başqa bir hədisdə buyurmuşdur: يا علي! لا يَعرفُ الله تَعالى إلا أنَا وَ أنتَ وَ لا يَعرِفني إلاّ الله وَ أنتَ وَ لا يَعرِفُك إلا الله وَ أنَا “Ya Əli! Allahı mən və səndən başqası, məni Allah və səndən başqası, səni də Allah və məndən başqası tanımadı.” (“Rozətul-muttəqin”, Əllamə Məhəmməttəqi Məclisi, 13-cü cild, səh.273; “Əl-mənaqib”, İbn Şər Aşub, 3-cü cild, səh.268.) İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: لَو اَنَّ الرّیاضَ (الفیاض) اقلامٌ و البحرُ مدادٌ والجنُّ حُسّابٌ والانسُ کُتّابٌ ما اَحصوا فضائل علیِّ بن ابی طالبٍ “Ağaclar (bağlar) qələm, dərya mürəkkəb, cinlər hesablayıcı, insanlar yazar olarsa, Əli ibn Əbu Talibin fəzilətlərini sayıb-qurtara bilməzlər.” (“Əl-mənaqib”, Xarəzmi, səh.177, hədis 99 və “Lisanul-mizan”, 5-ci cild, səh.62; “Mizanul-etidal”, Zəhəbi, səh.467.) Yenə o həzrət başqa bir hədisdə belə buyurmuşdur: إِنَّ اللَّهَ تَعَالَى جَعَلَ لِأَخِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فَضَائِلَ لَا تُحْصَى كَثْرَةً فَمَنْ قَرَأَ فَضِيلَةً مِنْ فَضَائِلِهِ مُقِرّاً بِهَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ “Həqiqətən, Allah-Taala qardaşım Əli ibn Əbu Talib üçün saysız-hesabsız fəzilətlər qərar vermişdir ki, əgər bir şəxs həmin fəzilətlərdən birini etiqad və ə etiraf üzündən zikr edərsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar.” وَ مَنْ كَتَبَ فَضِیلَةً مِنْ فَضَائِلِه لَمْ تَزَلِ الْمَلَائِكَةُ تَسْتَغْفِرُ لَهُ مَا بَقِیَ لِتِلْكَ الْكِتَابَةِ رَسْمٌ… “Əgər bir şəxs onun fəzilətlərindən birini yazarsa, həmin yazı qalacağı vaxta qədər mələklər onun üçün bağışlanma diləyərlər…” Sonra o həzrət buyurdu: النَّظَرُ إِلَى عَلِیِّ بْنِ أَبِی طَالِبٍ عِبَادَةٌ وَ ذِكْرُهُ عِبَادَةٌ وَ لَا یُقْبَلُ إِیمَانُ عَبْدٍ إِلَّا بِوَلَایَتِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِ. “Əli ibn Əbu Talibin üzünə baxmaq və adını çəkmək ibadətdir. Bəndənin imanı yalnız onun vilayətini qəbul etmək və düşmənlərinə nifrət bəsləməklə qəbul olunar.” (“Əmali”, Şeyx Səduq, məclis 28, son hədis.) Bir sözlə, Əmirəlmöminin Əli (ə) fəzilətlər dəryasıdır və həmin fəzilətləri yazmaqla qurtarmaq mümkünsüzdür. Elə buna görə də, biz qeyd etdiklərimizlə kifayətlənirik. Şair demişkən: کتاب فضل تو را آب بحر کافی نیست               که تر کنم سرانگشت و صفحه بشمارم Fəzilət kitabını, ya Əli, saymaqdan ötər,            Dəryanın suyu ilə barmağı islatsam əgər, Quruyar dərya, amma tükənməz bu səhifələr! Rza Şükürlü (Maide.az)

İmam Əli (ə) 10.01.2025

Əmirəlmöminin Əli (ə) öz kəlamında

İmam Əli (ə) bir kəlamında özü haqda belə buyurmuşdur: اللَّهُ قَدْ اعْطانى مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ حُمَقاءِ الدُّنْيا وَ مَجانينِها لَصارُوا بِه‏ عُقَلاءَ، وَ مِنَ الْقُوَّةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ ضُعَفاءِ الدُّنْيا لَصارُوا بِه‏ اقْوِياءَ، وَ مِنَ الشُّجاعَةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميع جُبَناءِ الدُّنْيا لَصارُوا بِه‏ شَجْعاناً؛ “Allah mənə o qədər ağıl verib ki, əgər onu dünyanın bütün ağılsızları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. O qədər güc və qüdrət verib ki, əgər onu bütün gücsüzlər və zəiflər arasında bölüşdürsələr, onların hamısı güclənər. O qədər şücaət verib ki, əgər onu bütün qorxaqlar arasında bölüşdürsələr, onların hamısı şücaətli olar.” (“Biharul-ənvar”, 19-cu cild, səh.83.) İslam düşmənləri “Leylətül-məbit” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) evinə hücum edib, o həzrətin yatağında imam Əlinin (ə) yatdığını gördükdə, onlardan bəziləri dedilər: “Gəlin Peyğəmbərin (s) əvəzində Əlini (ə) öldürək!” Əbu Cəhl “Bu gənc oğlanla işiniz olmasın, Muhəmməd onu aldadıb!” – deyə istehza etdikdə, imam Əli (ə) onun cavabında yuxarıdakı cümlələri söylədi ki, onların kiminlə üz-üzə durduğunu və yanıldıqlarını anlasınlar. Doğrudan da, o həzrət dünya qədər əql, elm və şücaət məcmusudur, yəni Allah-Taala bir dünyanı bir insanın vücudunda yerləşdirmişdir. İmam Əli (ə) ən çətin anlarda belə, İslam Peyğəmbərini (ə) tək qoymamışdır. İslam Peyğəmbərinin (ə) bərəkətli ömrünün ağır günləri az olmamışdır, amma bu ağır günlər üç yerdə daha da şiddətlənmiş və imam Əli (ə) hər üç yerdə mühüm rol oynamışdır: 1. İslam Peyğəmbəri (s) hicrət edən zaman (“Leylətül-məbit” hadisəsində); 2. “Ühüd” döyüşü; 3. “Xəndək” döyüşü. “Ühüd” döyüşü qurtardıqdan sonra imam Əli (ə) yaralı və qana boyanmış bədənlə İslam Peyğəmbərinin (s) hüzuruna gəlib dedi: “Sizi müdafiə edərkən və pərvanə tək ətrafınıza dolanarkən mənə çoxlu qılınc zərbəsi endirildi ki, on altı zərbə daha ağır idi və hətta zərbənin ağırlığı nəticəsində dörd dəfə yerə yıxıldım. Hər dəfə yerə yıxılanda, böyük bir şəxs gəlib qollarımdan tutaraq qaldırır və deyirdi: “Peyğəmbəri (s) müdafiə et!” Ey Allahın Rəsulu! Həmin şəxs kim idi?” Peyğəmbər (s) buyurdu: “Allahın vəhy əmanətdarı Cəbrail-Əmin.” İmam Əlinin (ə) Əmr ibn Əbdəvüdlə mübarizə apardığı “Xəndək” döyüşündə də, Peyğəmbəri-Əkrəm (s) həmin gün o həzrətin mübarizəsini bütün insan və cinlərin ibadətindən üstün hesab edir. Çünki heç kim Əmr ibn Əbdəvüdlə döyüşməyə qadir deyildi. Məhz imam Əli (ə) onu, yəni düşmənin ən böyük qəhrəmanını məğlub etməyə qadir oldu və beləcə, düşmənin canını qorxu bürüdü. (“Füruği-əbədiyyət”, 2-ci cild, səh.27.) Bəli, o həzrət ən çətin anlarda İslam Peyğəmbərini (s) tək buraxmadı və o həzrətin ən yaxın köməkçisi oldu. Biz də Əmirəlmöminin Əli (ə) – şiələrin birinci imamı ilə fəxr edirik! Amma görəsən, yalnız o həzrətin fəzilətləri ilə fəxr etmək kifayətdir və onun müqabilində heç bir məsuliyyət daşımırıq? Sözsüz ki, o həzrətin fəzilətləri bizim üçün məsuliyyət doğurur və biz o həzrətin uca səciyyələrindən bəhrələnməli, öz vücudumuzu onun şüaları ilə işıqlandırmalıyıq! Rza Şükürlü (Maide.az)

İmam Əli (ə) 10.01.2025

İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi

İmam Əlinin (ə) dostlarından olan Zirar ibni Həmzə Zəbayi Şama getmişdi. Müaviyyənin (lən) xidmətinə gedir və Müaviyyə ondan İmam (ə) haqqında məlumat verməsini istəyir. Zirar nəql edir: “Əlini (ə) o halda gördüm ki, gecə pərdələrini aşağı salmışdı. Mehrabında əyləşmişdi. Saqqalını əlini ilə tutub, zəhərli ilan vurmuş kimi bükülmüşdü. Qəmgin səslə ağlayır və deyirdi: “Ey dünya! Ey haram dünya! Məndən uzaqlaş. Mənim üçün özünü göstərirsən, ya mənə məftun olmusan ki, bir gün qəlbimdə yer alasan? Heç bir zaman, məbada. Məndən qeyrisini aldat. Mənim sənə heç bir ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm ki, geri qayıtmayasan. Sənin yaşayış dövrün qısa,  dəyərin az və arzuların alçaqdır. Ah olsun azuqənin azlığından, yolun uzun olmasından, mənzilin uzaqlığından, Qiyamət gününün əzəmətindən!””. (Tebyan)/Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

İmam Əlini (ə) Quran bizə belə tanıdır

Əmirəl-möminin (ə) kimi şəxsiyyəti tanımaq üçün doğru məlumatları ancaq hədislərdən və Qurandan ala bilərik.   Qurani-Kərim elə səma kitabıdır ki, hər bir müsəlman onun buyurduqlarını qəbul edir və inanırlar. Quranda İmam Əlinin (ə) məqam və fəzilətləri barəsində bir çox ayələr nazil olmuşdur. Onların cüzi hissəsinə diqqət edək. (Tebyan)   1. Misal üçün, Uca Allah “Mübahilə” ayəsində İmam Əlini (ə) Peyğəmbərin (s) özü, canı kimi tanıtmış və buyurmuşdur: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) – oğulları, Həzrət Fatiməni (s.ə) – xanım və İmam Əlini (ə) –canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular). (“Ali-İmran” 61).   2. Allahın razılığının alıcısı. Qurani-Kərim bu ayədə İmamı (ə) Allahın razılığının alıcısı kimi təqdim etmişdir. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).   3. İsmət və paklıq nümunəsi. “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).   4. Allahın vəlisi. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi – İmam Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).   5. Ən üstün xəlq. “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 7).   6. Peyğəmbərin (s) itrəti. “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən, Allah bağışlayan və qədirbiləndir”. (“Şura”, 23)/Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

Həzrət Əlinin (ə) fəziləti (Dabbətul-ərz ayəsi)

Həzrət Əlinin (ə) fəziləti (Dabbətul-ərz ayəsi) Ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ “O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir canlı çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onları (hərəkətdən) saxlayarıq (ki, digər qruplar da da onlara qatılsınlar).” (Nəml, 82-83). İzah: “Rəcət” şiə məzhəbinin danılmaz həqiqətlərindəndir və ona inam bu məzhəbin zərurətlərindən hesab olunur. “Rəcət” o deməkdir ki, Allah Qiyamətə yaxın bir zamanda bir qrup xalis möminləri və çox inadkar, təkəbbürlü insanları bu dünyaya qaytaracaq. Əməlisalehlərin dövlətini quracaq və zalımlardan elə bu dünyada qisas alacaq. “Nəml” surəsinin 83-cü ayəsi “Rəcət” haqqında Quranda keçən dəlillərdən biridir. Çünki bu ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir. “Rəcət” zamanı geri dönən imamlardan (ə) biri həzrət Əli (ə) olacaqdır ki, 82-ci ayədə “Dabbətul-ərz” olaraq yad edilir. Hədis: İmam Əli (ə): “Mən Cənnət və Cəhənnəmi bölən, … və yer üzündə camaatla danışan canlıyam (Yuxarıdakı ayəyə işarə olunur).” (Kafi, c. 1, səh. 98, hədis: 3).

İmam Əli (ə) 10.01.2025

İmam Əli əleyhissalamdan möminlərə xəbərdarlıq!

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 23-cü məktubda qohumlarla ünsiyyətin və qohumlarla gediş-gəliş etməyin əhəmiyyətini vurğulayaraq buyurur: وهُمْ أَعْظَمُ النَّاسِ حَيْطَةً مِنْ وَرَائِه وأَلَمُّهُمْ لِشَعَثِه وأَعْطَفُهُمْ عَلَيْه عِنْدَ نَازِلَةٍ إِذَا نَزَلَتْ بِه “İnsanın qohumları onu müdafiə və himayə etmək üçün ən böyük dəstədirlər ki, onun iztirab və narahatçılıqlarını ondan uzaqlaşdırırlar, həm də insan müsibət və qəm-qüssəyə məruz qalanda ona təsəlli vermək cəhətindən insanların ən qayğıkeşi və ürək yandıranıdırlar. Əmirəlmöminin Əli əleyhissalam bu kəlamında qohumların insan üçün nə dərəcədə faydalı olduqlarını bizlərə çatdırır. Çox dəqiq və incə şəkildə qohumların insana lazımlığının əhəmiyyətini və qohumlarla əlaqə və bağlılığın qorunub saxlanılmasının vacibliyini vurğulayır. Qohumlarla, eləcə də dostlarla əlaqəni, ünsiyyəti və get-gəli pozmaq isə yuxarıdakı faydaların tamamilə əksini, tərsini insana nəsib edir. İnsan çətinlik və müsibətlərə məruz qalarkən o çətinliklərin ondan uzaqlaşmasını istəməsindən daha çox ona təsəlli və ürək-dirək verən insanları öz yanında görmək istəyir. Allah Taala insanın qohumlarını ona bir nemət olaraq bəxş etmişdir. Qohumluq hissləri Allah Taalanın insanlara bəxş etdiyi misilsiz bir hədiyyədir. Qohumlarla, eləcə də dostlarla əlaqə saxlamaq, onlarla ünsiyyətdə və mehriban bağlılıqda olmaq özü bir hünərdir, eyni zamanda böyük bacarıq və fərasət tələb edir. Hesablamalara əsasən qohumlarla ünsiyyət və əlaqəsi olmayan insanların əksəriyyəti bacarıqsız və fərasətsiz insanlardırlar. Amma onlar öz bacarıqsızlıqlarını camaatdan gizlətmək məqsədilə müxtəlif yollara əl atırlar, kimisi qohumlarını günah əhli olmaqda, kimisi qohumlarını yalançı, dünyapərəst, onun ailəsini istəməmək, get-gəl olsa nəsə umacağımızı düşünəcək və sair bəhanələrlə qohumlarla ünsiyyətdə olmamaqda özlərinə haqq qazandırırlar. İnsanın başına müsibət gələn zaman onun qohumlarının, yaxınlarının ona təsəlli verməsi və onu müdafiə etməsi həmin çətinliklərin acısını azaltmaqla yanaşı tezliklə şadlıq və sevincin insanın sorağına gəlməsinə səbəb olur. İnsanlarla, xüsusilə də qohumlarla ünsiyyət və əlaqəsi çox olan şəxslər daha çox şad və sevincli olurlar. Amma insanlardan uzaq olan, həmçinin qohumlarla əlaqə və rabitəsi olmayan insanlar adətən qəmli, kədərli, soyuq, fikirli, kinli, bədbin olurlar. Odur ki, Əmirəlmöminin Əli əleyhissalam 23-cü xütbədə qohumların insana faydalarının əsas iki hissəsini bəyan edir. 1- Hər bir insanın cəmiyyət içində müdafiə və himayəçiyə ehtiyacı vardır. Qohumlar insanın İlahi tərəfindən hədiyyə olan müdafiəçiləridirlər. 2- Hər bir insan həyatda istər istəməz çətinliklər, müsibətlər və bəlalar ilə rastlaşır. Qohumlar insana təsəlli vermək və onun acılarını müalicə etmək cəhətindən ən yaxşı köməkçidirlər. Sonda onu da qeyd edək ki, imperialist qüdrətlər insanlar arasında qohumluq əlaqələrini qırmaq üçün böyük təbliğat kampaniyası ilə məşğuldurlar, onların planlarına əsasən insanlar arasında qohumluq əlaqələri soyumalı və insanlar bir-birinə yadlaşmalıdır. Təəssüf ki, bu təbliğatların mənfi təsirləri bir çox möminlərdən yan keçməmişdir, hazırda qohum-əqrəbası ilə yaxşı olmayanların cərgəsində möminlər də az deyil. Elə isə, insanlarla əlaqənin kəsilməsinin əsas səbəbi olan Təkəbbürlük, Özünü bəyənmək və Özünəvurğun olmaq kimi pis xarakterlərə son qoyaq, qohum-əqrəba ilə ünsiyyət quraq.

İmam Əli (ə) 10.01.2025

Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması

Həzrət Peyğəmbərin (s) vida həccindən qayıdan zaman Qədir-Xum çölündə hüccətini tamamlayıb, İmam Əlini (ə) özündən sonra rəhbər və vəli elan etməsi – tarixin unudulmaz mühüm hadisələrindən biridir. Həzrət (s) bu səhrada unudulmaz bir xütbə söyləmişdir ki, həmin xütbədə vilayətin sirlərini açmış və insanlara həqiqi İlahi rəhbərin xüsusiyyətlərini bəyan etmişdir. İmam Əlini (ə) müsəlmanlara tanıtmış və əlindən tutub, onu özündən sonra rəhbər elan etmişdir.   Bu məşhur xütbədə Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) necə tanıdır? Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlini tutub yuxarı qaldıran halda buyurur: “Ey insanlar! Bu Əli (ə) mənim qardaşım, vəsim, elm xəzinəsi, xəlifə və mənim ümmətə canişinimdir. Əli (ə) – Quranı təfsir edəndir. Odur insanları haqqa dəvət edən və odur Allahın razılığına səbəb olan hər şeyi yerinə yetirən. Odur Peyğəmbərin (s) xəlifə və canişini. Odur Əmirəl-möminin, Allah xəlqinin rəhbər və hidayət edəni. Odur Allahın əmri ilə nakəsinlərin, qasitinlərin, mariqinlərin qatili.   (Ey insanlar) O şeyi ki, Allahın əmri ilə deyirəm və bu, Allahın istədiyidir ki, Onun heç bir sözü mənim tərəfimdən dəyişdirilməsin. İndi deyirəm: “Allahım! Hər kim Əlini (ə) sevir, (onu) sev. Hər kim onunla düşməndir, (onunla) düşmən ol. Allahım! Hər kim Əlini (ə) inkar edər, (ona) lənət et və hər kim onun haqqını qəbul etməz, (onu) Öz qəzəbinə giriftar et!”.   Ey insanlar! Əlini (ə) hamıdan üstün bilin ki, məndən sonra hər bir qadın və kişidən daha üstün və daha yüksəkdir. (Bilin ki) Allah bizə xatir aləmdə olanlara ruzi verər və varlıq aləmi bərqərar olar. Hər kim mənim bu sözümü inkar edər – məlundur, məlundur və Allah dərgahında qəzəbə gələndir.   Allahım! Əgər indi Əlini (ə), Sənin vəlini öz canişimin təyin etdimsə, Sənin insanlar üzərində olan nemətinin tamamlanmaq və dinin kamala çatmasına səbəb olan əmri bəyan etdimsə hamısı-hamısı Sənin əmrinlə olmuşdur.   Allahım! Səni şahid tuturam və Sənin şahidliyin kifayətdir ki, mən öz təbliğ və risalət vəzifəmə əməl etdim.   Ey insanlar! Allah Təala sizin dininizin kamalını imamətdə və Əli (ə) vilayətində qərar vermişdir. Ona görə də hər kim ona və onun belindən, mənim canişin övladlarıma dünyanın axırıncı gününə qədər itaət etməzsə, əməllərinin məhv olmasına düçar olar və cəhənnəm atəşində cavidan halda əzab görər. Nə əzabı yüngülləşər və nə də ona nicat üçün möhlət və fürsət verilər.   Ey insanlar! Bu, Əlidir (ə) ki, mənə hamıdan daha çox yardım etmişdir və mənə hamıdan daha layiqlidir. İnsanların hamısından mənə daha yaxındır və mənim yanımda hər kəsdən daha sevimli və daha əzizdir.   Allah Təala və mən ondan razıyıq. Harada ki, Allah möminlərə xitab etmişdir, ilk növbədə ona nəzər salmışdır. Mədh olunan ayə yoxdur, məgər onun haqqında. “İnsan” surəsində yada salınan behişt onun üçündür. Ey insanlar! Əli (ə) Allah dininin nasiri və Allah peyğəmbərinin (s) himayəçisidir. Odur təqvalı dindar, təyyib, tahir, yol göstərən və yol tapmış. Peyğəmbəriniz (s) ən yaxşı peyğəmbər, onun vəsisi ən yaxşı vəsi, oğulları ən yaxşı vəsilərdirlər.   Ey insanlar! Hər bir peyğəmbərin (ə) nəsli onun belindəndir, ancaq mənim nəslim Əlinin (ə) belindəndir”. (Tebyan)   /Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

Allahu Əkbər bayramı

Qədir-Xum bayramı “Allahu Əkbər bayramı” adı ilə məşhurdur. İslam dininin ən böyük bayramı hesab olunur. İl ərzində heç bir gün bu bayram qədər əziz və dəyərli deyildir.   İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramı qalan üç bayram olan Fitr, Qurban və cümə bayramları arasında sanki ulduzlar arasında parlayan Ay kimidir”.   İmam (ə) bu gözəl hədisdə Qədir-Xum bayramını parlayan Aya bənzədir. Bu Ayın nuru o qədər çoxdur ki, İslam dininin qalan üç bayramının nurunu belə üstələyir.   Çünki bu, elə bir gündür ki, Allah dinini təkmilləşdirmiş və ümmətinə hüccətini tamamlamışdır.   Əhli-təsənünnün böyük alimlərindən olan ət-Təbəri nəql edir: “Peyğəmbər (s) buyurmuşdur: “Qiyamət günü ki, Allah bütün insanları toplayacaqdır və Sirat körpüsü cəhənnəmin üzərində vurulacaqdır – heç kəs ondan keçməz, məgər o kəsdən başqa ki, Əli ibni Əbutalibin (ə) vilayəti ilə. (Onun üçün) cəhənnəmdən bəraət olacaqdır”.   Hər kim Əli (ə) vilayətini qəbul edər, Qiyamət günü Kövsər hovuzundan sirab olar. Vilayət elə mövzudur ki, Qiyamət günü insan onun haqqında sorğu-sual olacaqdır.   İmam Sadiqdən (ə) soruşurlar ki, bizə bu gündə oruc tutmağı əmr edirsinizmi? Həzrət (ə) buyurur: “Bəli, Allaha and olsun ki, bu, həmingündür ki, Allah, Həzrət İbrahimi (ə) atəşdən xilas etmişdi. O, bu İlahi lütfün şükrünü yerinə yetirmək üçün həmin günü oruc tutmuşdu. Həmçinin bu gün – o gündür ki, Həzrət Peyğəmbər (s) Əmirəl-möminini (ə) öz vəsisi və canişini qərar vermişdir. O, da bu günü oruc tutmuşdu. Bu gün oruc tutmaq, dua etmək, müsəlmanlara yemək vermək və dinqardaşlarını görməyə getmək günüdür. Bu gündə Rəhman Allahın razılığı əldə olunar. Şeytanın burnu torpağa vurular”. (Tebyan)   İmamın (ə) nəzərinə görə bu gündə dörd əməli yerinə yetirmək müstəhəbdir:   1. Oruc.   2. Dua, istiğfar, münacat.   3. Yemək vermək.   4. Sileyi-rəhm.   /Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik?

Qədir-Xum bayramı astanasında . Nə üçün “YA ƏLİ” deyirik? . 1- Həzrət Muhəmmədin (s) yolu ilə gedirik! Müsəlman o şəxsə deyilir ki, Qurani-kərimin ayələrinə, həmçinin sonuncu Peyğəmbər həzrət Muhəmmədin (s) sünnəsinə əməl etsin. Sünnədən məqsəd həzrət Peyğəmbərin (s) sözləri və əməlləridir. Ühüd döyüşündə düşmənlər həzrət Muhəmmədin (s) meydanın ortasında tək qaldığını gördükdə onun üzərinə hücum etdiyi zaman həzrət Muhəmməd (s) həzrət Əlini (ə) köməyə çağıraraq buyurdu: يا علي اكفني هذه “YA ƏLİ mənə kifayət et (kömək ol, məni) bunların əlindən qurtar (xilas et).” Əl-Osmaniyyə (müəllif Cahiz) 340-cı səhifə Şərhu Nəhcul bəlağə (müəllif İbn Əbil Hədid) 14-cü cild 250-ci səhifə . Həmçinin Xeybər və Hüneyn döyüşlərində də həzrət Muhəmməd (s) həzrət Əlini (ə) köməyə çağıraraq “Ya Əli mənə (bəzi hədislərdə “bizə”) kömək ol” demişdir. Deməli, biz peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədin (s) sünnəsinə əməl edərək YA ƏLİ deyirik. Peyğəmbər (s) “Ya Əli” deyib, biz də “Ya Əli” deyirik. . 2- YA ƏLİ şüar və elandır. Həzrət Muhəmmədin (s) ömrünün sonuncu ili idi, o həzrət sonuncu dəfə Məkkəyə Həccə getmişdi, həmin il müsəlmanların əksəriyyəti həccdə idi, çünki onlar kamil həcci həzrət Peyğəmbərdən (s) öyrənmək istəyirdilər. Həcc qurtarandan sonra hər kəs öz ölkə və şəhərinə sarı yola düşdü. Həzrət Peyğəmbər (s) də Mədinəyə sarı hərəkət etdi. Qədir-Xum adlı çöldə Allahın vəhy mələyi Cəbrail nazil olaraq Maidə surəsinin 67-ci ayəsini Peyğəmbərə (s) çatdırdı. Həzrət Muhəmməd (s) bütün hacıların həmin yerdə toplaşması göstərişini verdi. Başqa istiqamətlərə gedənlər də qayıdaraq həmin məntəqəyə toplaşdılar. Təxminən 120000 (yüz iyirmi min) nəfər həzrət Muhəmmədin (s) ətrafına toplandı. Peyğəmbər (s) müsəlmanlara özündən sonrakı İmam və Xəlifəni elan etdi, bu canişin həzrət Əli (ə) idi. Yüz iyirmi min müsəlmanın hamısı bir-bir həzrət Əlinin (s) əlini sıxaraq onun Allah tərəfindən həzrət Peyğəmbərin (s) canişini və o həzrətin vəfatından sonra müsəlmanların haqq xəlifəsi təyin edildiyini qəbul etdiyini bildirdilər… Lakin həzrət Muhəmmədin (s) vəfatından sonra müsəlmanlar arasında ixtilaf düşdü….. Müsəlmanların çoxlu məzhəb və təriqətlərə bölünmələrinə səbəb onların həzrət Əlinin (s) vilayətini qəbul etməmələridir. Qədir-Xum müsəlmanların vəhdət və birlik rəmzidir. Əgər biz bütün müsəlmanların vəhdət və birliyini istəyiriksə bu həqiqəti bütün dünyaya çatdırmalıyıq. Ona görə də işlərimiz və hərəkətlərimizdə YA ƏLİ sözünü deyirik. Dostlar, baxın, hazırda vətənimizin bir hissəsi düşmən tapdağı altındadır. Ermənistan ölkəmizin təxminən 20% ərazisini işğal edib. Biz bu həqiqəti bütün dünyaya çatdırmalıyıq. Azərbaycana gələn xarici dövlətlərin rəsmilərinin hamısıdan Qarabağ ilə əlaqədar nəzərləri soruşulur: “Siz Qarabağı Azərbaycan Respublikasının ərazisi olaraq qəbul edirsinizmi?” kimi suallar verilir. İndiyədək heç eşitmisinizmi ki, xarici ölkə rəsmilərindən hansısa şəxsə, məsələn, “siz Sumqayıtın Azərbaycan Respaublikasına məxsus olduğunu qəbul edirsinizmi?” sualını verələr?? Əlbəttə ki yox. Çünki nə Sumqayıt nə də başqa heç bir şəhərimiz ixtilaf obyekti deyil. Müsəlmanlar arasında Allahın birliyi və həzrət Muhəmmədin (s) peyğəmbərliyi də ixtilaf obyekti deyil. Müsəlmanların qəflətdə olduğu mövzu imamət və vilayətdir. Biz YA ƏLİ deməklə dünya müsəlmanlarının diqqətini imamət mövzusuna cəlb etmək əzmindəyik. . 3- Həzrət Əlini (s) yada salmaq ibadətdir. Peyğəmbərin həyat yoldaşı Ayişə deyir: həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: ذكر علي عبادة “Əlini (ə) yad etmək (xatırlamaq) ibadətdir.” Kənzul ummal (müəllif Müttəqi Hindi) 11-ci cild 601-ci səhifə 32894-cü hədis Tarixu Mədinəti Diməşq (müəllif İbn Əsakir) 42-ci cild 356-cı səhifə . Bu hədisdə ibadətdən məqsəd həzrət Əliyə (ə) pərəstiş deyil, sitayiş və pərəstiş yalnız aləmlərin rəbbi olan Allaha məxsusdur; ibadətdən məqsəd həzrət Əlini (ə) yada salmağın savab iş və Allaha ibadət olduğunu insanlara çatdırmaqdır. Həzrət Əli (ə) həzrət Muhəmməddən (s) sonra insanların ən kamili, elədə də ədalət, mərdlik, insaf, təqva, fədakarlıq, səxavət, qeyrət… təzahürüdür. Bütün gözəl əxlaqi xüsusiyyətlərə malik olan şəxsi tez-tez xatırlamaq və onu özünə örnək, müəllim və nümunə bilmək ali insanlıq zirvələrinə yüksəlmək üçün ən gözəl vasitədir. Bundan əlavə bəşəriyyətn ən üstün insanı olan həzrət Muhəmmədi (s) doğru və düzgün, başqa sözlə olduğu kimi tanıtdıran yaganə şəxs yalnız həzrət Əlidir(ə). Onu da deyək ki, Əlini (s) yad etməkdən məqsəd yalnız “Ya Əli” demək deyil, imam Əlinin (s) fəzilət, üstünlük və kamalını istənilən yolla xatırlamaq, məsələn, həzrət Əli (ə) barədə şer demək, moizə etmək, məqalə və kitab yazmaq, hikmətli sözlərini insanlara çatdırmaq və ilaxır da həzrət Əlini (ə) yada salmaqdan sayılır və belə bir şəxs həzrət Muhəmmədin (s) bu hədisinə əməl etmiş olur. . 4- Təvəssül Təvəssül, yəni “məqsəd və hədəfə çatmaq üçün insanı həmin məqsədə çatdıra biləcək vasitədən bərk-bərk tutmaq, yapışmaq”. Məlumdur ki, Allah Taala varlıq aləmini səbəb-nəticə üsulu (quruluşu) əsasında yaratmışdır, yəni həyatda baş verən hər bir hadisənin bir və yaxud daha çox səbəbləri vardır; eləcə də istənilən məqsəd, məram və niyyətə çatmaq üçün ona məxsus səbəblərin ardınca getmək lazımdır Odur ki, hədisi şərifdə buyurulub: أَبَی اللَّهُ أَنْ یُجْرِیَ الْأَشْیَاءَ إِلَّا بِالْأَسْبَابِ “Allah yalnız səbəblər vasitəsilə dünyanı tədbir edir.” Yəni Allah Taala dünyanın nizamını elə qurub ki, bütün işlər səbəblər əsasında baş verir. Səbəblər iki növdür, maddi səbəblər və mənəvi səbəblər. Buğdanın yetişməsi üçün yer, torpaq, şümlamaq, suvarmaq və sairə ehtiyac vardır. Varlıq aləmində mənəvi səbəblərin də özünəməxsus təsirləri vardır. Varlıq aləminin sahibi olan Allah Taala insanlara Öz feyz və mənəvi mənfəətlərindən verməsi üçün səbəblər və illətlər qərar vermişdir, bəzi işləri isə xüsusi olaraq ona yaxınlaşmaq, imanın artması və arzulara yetişmək üçün mənəvi səbəblər və vasitələr olaraq insanlara tanıtdırmışdır. Belə ki Qurani-kərim Maidə surəsinin 35-ci ayəsində buyurur: یا أَیُّهَا الَّذینَ آمَنُوا اتَّقُوا اللّهَ وَ ابْتَغُوا إِلَیْهِ الْوَسیلَةَ “Ey iman gətirənlər! Allahın əmrlərinə qarşı çıxmaqdan çəkinin və Ona yaxınlaşmaq üçün vasitə axtarın.” Bu barədə olan hədislərin çoxunda vasitələrin ən yaxşısının həzrət Muhəmməd (s) və Əhli-beyt (ə) olduğu bildirilir. Odur ki, Allaha yaxınlaşmaq yolunda ən yaxşı vasitə həzrət Muhəmməd (s) və Əhli-beytdir (ə). Həmçinin namaz, oruc, insanlara yaxşılıq etmək … də Allaha yaxınlaşmaq üçün vasitələrdən, yəni səbəblərdəndir. Deməli, “ya Məhəmməd” , “ya Əli” , “ya Fatimə” , “ya Hüseyn” nidaları imanlı insanın Allaha yaxınlaşmaq üçün vasitələrdən tutması, başqa sözlə təvəssül etməsi yollarındandır. . 5- Həzrət Muhəmmədə (s) qovuşmaq məqsədi. Həzrət Muhəmməd (s) peyğəmbərlərin sonuncusu, ən elmlisi, ən fəzilətlisi və ən üstünüdür. Həzrət Muhəmməd (s) Allahın izni ilə qeyb aləminin bir çox sirr və elmlərindən xəbərdardır, keçmişin və gələcəyin bütün elmlərinə vaqifdir. Canlı varlıqların içində o həzrətin nurundan daha üstün olan varlıq yoxdur. İslam alimlərinin hamısı etiraf edirlər ki, imam Əli (ə) həzrət Muhəmmədin (s) səhabələrinin hamısından daha elmli; Allahın hökümləri, Quranın təfsiri və batini, eləcə də Peyğəmbərin(s) sünnəsində ən bilikli; İlahi hökm və göstərişlər, eləcə də qəzavət və mühakimələrdə ən fərasətli və ən ədalətli şəxsdir. Möminlərin əmiri Əli əleyhissalam insanları həzrət Muhəmmədə -səllAllahu əleyhi və alh- qovuşdurmaqda ən təsirli və ən layiqli vasitə və səbəbdir. İbn Abbas dedi: həzrət Muhəmməd səllAllahu əleyhi və alih buyurdu: عن مجاهد عن ابن عباس رضي الله عنهما قال قال رسول الله صلى الله عليه وآله وسلم انا مدينة العلم وعلي بابها فمن أراد المدينة فليأت الباب “Mən elmin şəhəriyəm və Əli isə (elm şəhərinin) qapısıdır, (elm) şəhərinə daxil olmaq istəyən şəxs (o şəhərə) qapıdan girməlidir.” əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim (müəllif: Hakim Nisaburi) 3-cü cild 126 və 127-ci səhifələr Məcməuz zəvaid (müəllif: Həysəmi) 9-cu cild 114-cü səhifə . Deməli, imam Əli əleyhissalam insanların həzrət Muhəmmədə (s) qovuşmaq və birləşmələri üçün ən üstün vasitədir. “Ya Əli” nidası ilə biz həm özümüzü bu məsələ ilə əlaqədar ayıldırıq, həm də bu həqiqəti başqalarına çatdırmaqla xeyir işə səbəbkar oluruq. . 6- Həzrət Əli əleyhissalamın İslama və həzrət Muhəmmədə (s) tarixdə heç kimin edə bilmədiyi xüsusi xidmətlərinə minnətdarlıq. İmam Əli əleyhissalamın İslama misilsiz və bənzərsiz xidmətləri heç kimə gizli deyil. Əhzab döyüşündə küfr (dinsizlik) tam gücü ilə dinin əsası qarşısında dayanarkən, İslam dininin yaşamaq ya ölüm ilə üzbəüz qaldığı vaxt həzrət Əli (ə) misilsiz qəhrəmanlığı ilə küfrün (dinsizliyin) əsasını titrətdi, İslamın isə yaşamasına vasitə oldu. Həmin döyüşdə həzrət Əlinin (ə) küfrün (dinsizliyin) yenilməz qüdrəti sayılan Əmr ibn Əbdəvidi qətlə yetirdiyi zaman həzrət Muhəmməd (s) üzünü oradakı müsəlmanlara tutub buyurdu: النبيّ ( صلى الله عليه وآله ) : ضربة علي يوم الخندقِ أفضل من عبادة الثقلين “Əlinin xəndək günündə (əhzab döyüşündə Əmr ibn Əbdəvədə) vurduğu zərbə insanların və cinlərin ibadətlərindən daha üstündür.” Əl-fusulul muhimmə (müəllif: İbn Səbbağ Maliki) 2-ci cild 1169-cu səhifə . Həzrət Muhəmməd (s) həmçinin buyurub: قال رسول الله صلى الله عليه وآله وسلم : ضربة علي يوم الخندق أفضل من أعمال أمتي إلى يوم القيامة “Əlinin xəndək günündəki zərbəsi (başqa hədisdə “mübarizəsi”) Mənim ümmətimin hamısının qiyamət gününə qədər edəcəkləri yaxşı əməllərindən daha üstündür.” Yənabiul məvəddə (müəllif: Qunduzi Hənəfi Bəlxi) 1-ci cild 412-ci səhifə əl-Mustədrək aləs-səhihəyni Buxari və Muslim (müəllif: Hakim Nisaburi) 3-cü cild 32-ci səhifə . Çünki əgər həmin döyüşdə müsəlmanlar məğlub olsaydılar İslam dini məhv olacaqdı, ancaq həzrət Əli əleyhissalamın misilsiz qəhrəmanlığı və Əmr İbn Əbdəvədin ölümü ilə nəticələnən zərbəsi sayəsində İslam dini həyatına davam etdi və bizim əməllərimiz o həzrətin həmin fədakarlığının bərəkəti ilə davam etməkdədir. Həzrət Əli əleyhissalam xeyir işlərin mənbə və mənşəyi idi, hər bir müsəlmana köməklər etmiş onları çətinliklərdən qurtarmışdır. Təkcə ikinci xəlifə Ömər ibn əl-Xəttab dəfələrlə (bəzi tədqiqatlara əsasən 70-dən çox çıxılmaz hadisədə) belə deyib: قال عمر بن الخطاب رضي الله عنه في عدة مواطن : لولا على لهلك عمر “Əgər Əli olmasaydı Ömər həlak olardı.” Yənabiul məvəddə (müəllif: Qunduzi Hənəfi Bəlxi) 1-ci cild 216-cı səhifə Fəyzul qadir (müəllif: əl-Mənavi) 4-cü cild 356-cı səhifə əl-Mənaqib (müəllif: Xarəzmi Hənəfi) 48-ci səhifə . Odur ki, həzrət Əli əleyhissalamın misilsiz və çox dəyərli xüsusiyyətlərinə, igidlik və şücaətlərinə görə bir çox insanlar öz işlərini “Ya Əli” nidası ilə mübarək edirlər. Məqsəd də budur: “Ey bizim İmamımız! Ey Allahın xalis bəndəsi! Bizim əlimizdən tut! Allahdan istə ki, bizim əməllərimizi qəbul eləsin və bizi işlərimizdə müvəffəq etsin.” Əslində “Ya Əli” nidamızın batini və həqiqəti “Ya Allah” nidasıdır, ancaq həzrət Əli əleyhissalamın Allah yanında malik olduğu şərəf, layaqət, əzizlik və ehtirama görə o həzrəti bizimlə Allah arasında vasitə qərar veririk. RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Əli (ə) 10.01.2025

Xəvaricin yağış kimi yağan sualları və Həzrət Əlinin (ə) mübarək cavabları

Əsbəğ ibni Nəbatə nəql edir: “İmam Əli (ə) Kufə məscidinin minbərində xütbə oxuyurdu. O Həzrət (ə) sonra buyurdu: “Ey insanlar! Məndən soruşun, çünki mənim elmim çoxdur”.   Bu zaman İbni Kəvva ayağa qalxdı və dedi:   “Ey Əmirəl-möminin! ” وَالذَّارِيَاتِ ذَرْوً  ” nə deməkdir?”. Həzrət (ə) buyurdu: “Küləklər”.   Dedi: “Bəs ”   فَالْحَامِلَاتِ وِقْرً ” nədir?”. Buyurdu: “Buludlar”.   Dedi: “Bəs ”  فَالْجارِیاتِ یسْراً  ” nədir?”. Buyurdu: “Yəni, gəmilər”.   Dedi: “Bəs ” فَالْمُقَسِّماتِ أَمْراً  ” nədir?”. Buyurdu: “Mələklər”.   Dedi: “Ey Əmirəl-möminin! Mən bəzi ayələri naqis hesab edirəm”. İmam (ə) buyurdu: “Anan yasına əyləşsin! Allah Kitabının ayələri bir-birini tamamlayandır, naqis deyildir. Hər nə istəyirsənsə, soruş!”.   Dedi: Ey Əmirəl-möminin! Quran ayələrinin biri belə buyurur: ” بِرَبِّ الْمَشارِقِ وَ الْمَغارِبِ  ”.   Bir başqasında belə buyurur: ”  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ”   Başqasında belə buyurur: ” قالَ رَبُّ الْمَشْرِقِ وَ الْمَغْرِبِ؟! ”   İmam (ə) buyurdu: “Anan yasına əyləşsin. Ey ibni Kəvva! Bu, qərbdir, bu da şərqdir. Ancaq ”  رَبُّ الْمَشْرِقَینِ وَ رَبُّ الْمَغْرِبَینِ  ” bu ayə buyurur ki, qışın şərqi bir həddədir, yayın şərqi başqa həddədir. Bunu günəşin yaxın və uzaq olmasından dərk etmirsənmi?   Ancaq bu ayədə ”  رَبِّ الْمَشارِقِ وَ الْمَغارِبِ  ” onun 360 bürcü vardır. Bəzi günləri aydındır, bəziləri isə qaibdir. Ancaq gələn ildə həmin gündə həmin bürcə geri qayıdar.   İbn Kəvva dedi: “Ey Əmirəl-möminin! Sizin ayağınızdan İlahi ərşə qədər nə qədər fasilə vardır?”. Buyurdu: “Anan yasına əyləşsin. Öyrənmək üçün sual ver, inad etmək üçün deyil. Mənim ayağımdan İlahi ərşə qədər fasilə – ixlasla ” لا إله إلّا اللَّه ” (“Lə iləhə illləllah”) deməkdir”.   Dedi: ” لا إله إلّا اللَّه “” (“Lə iləhə illləllah”) deməyin nə savabları vardır?”. Buyurdu: “Hər kim onu ixlasla deyərsə, onun günahları, ağ təsvirdə olan qara hərfin silinməsi kimi silinər. Əgər ikinci dəfə ixlascasına deyərsə, səmada mələklər bir-birinin sırasından çıxar və başqa mələklərə deyərlər: “Allahın əzəməti üçün müti olun”.   Əgər bu kəlməni üçüncü dəfə ixlascasına deyərsə, ərşin altı hərəkətdən dayanar. Cəlil Allah xitab edər: “Sakit olun. İzzət və Cəlalıma and verirəm ki, deyəni hansı halda olursa-olsun, əfv edərəm””.   Sonra Həzrət (ə) bu ayəni tilavət etdi: «Elə bir Allah ki, Öz lütf və kərəmi ilə bizə daimi iqamətgah olan mənzillərdə yer verdi. Orada bizə nə bir əziyyət yetişər və nə də bir yorğunluq üz verər». (“Fatir” 35).   İbni Kəvva dedi: “Ey Əmirəl-möminin! Qəvsi-qəzəh nədir?”. Buyurdu: “Ey ibni Kəvva! Demə: qəzəh. Çünki qəzəh – şeytanın adıdır. Bəlkə de: Qəvsillah! O, nə zaman zahir olarsa, çoxlu bolluq da aşkar olar”.   Dedi: “Səmada olan möcüzə nədir?”. Buyurdu: “O, ulduzlardır. Onlar yer əhlini qərq olmaqdan amanda saxlayarlar”.   Dedi: “Ey Əmirəl-möminin! Ayda zahir olan qaralıq nədir?”. Buyurdu: “Allahu Əkbər! Allah Əkbər! Allahu Əkbər! Kor insan kor şeydən sual verər. Məgər bu ayəni eşitməmisən ki, Allah buyurur: “Biz, gecə ilə gündüzü (Öz tövhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik”. (“İsra” 12).   Dedi: “Mənə Peyğəmbərin (s) səhabələrindən xəbər ver!”. Buyurdu: “Hansının haqqında istəyirsən?”. Dedi: “Əbuzər Ğəffari!”. Buyurdu: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Heç kəs Əbuzər qədər danışığında doğruçu deyildir”.   Dedi: “Bəs Salman Farsi necə idi?”. Buyurdu: “Salman – biz Əhli-Beytdəndir. O, Loğman Həkim kimi idi. Əvvəl və axır elmi bilirdi”.   Dedi: “Bəs Həzifə ibni Yəmani necə idi?”. Buyurdu: “O, həmin kəs idi ki, münafiqlərin adını bilirdi. Əgər ondan İlahi hədd barəsində sual versəydilər, hamısına agah idi”.   Dedi: “Bəs Əmmar ibni Yasir necə idi?”. Buyurdu: “O, həmin kəs idi ki, Allah onun ətini və qanını cəhənnəm atəşinə haram buyurmuşdu”.   Dedi: “Özünüz haqqında danışın”. Buyurdu: “Mən o cürəm ki, sual verən zaman cavab verərəm. Sakit olan kimi mən başlayaram”.   Sonra İmam (ə) minbərdən endi və əlini İbni Kəvvanın çiyninə vurub, buyurdu: “Ey ibni Kəvva! Sən Nəhrivan və Xəvaric əhlindən uzaq deyilsən!””.(Həvzəh)   Əsbəğ deyir: “Biz ibni Kəvvanı Nəhrivanda gördük və ona dedilər: “Dünən İmamdan (ə) o qədər şeyi soruşurdun, amma bu gün onunla vuruşursan?!”. Bu zaman bir nəfər ona hücum etdi və onu məhv etdi”.   /Deyerler.org/

İmam Əli (ə) 09.01.2025

Dinini dünyaya satan

Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdu. O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə İmam Əlinin (əleyhissalam) bu dəvətindən çox sarsılmışdı ona görə ki, İmam Əlinin (əleyhissalam) bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; “Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.” Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu: Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb. Əmr As: O kimdir? Müaviyə: Əli! Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən? Müaviyə: Hər nə istəsən verərəm. Əmr As: Mən Misrin hökumətini istəyirəm. Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm. Əmr As- “Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əliyə (əleyhissalam) çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu: “Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədə “satıcının” əlinə bir şey çatmadı və alıcının arzusu rüsvayçılıqla sonlandı. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”

İmam Əli (ə) 09.01.2025

Ey Allah bəndələri bunları bilin və agah olun! – Hz. Əli (ə)

İnsanın zaman etibarı ilə dünyaya gəlişi çox qədimdir. Bu zaman ərzində müxtəlif insan toplumları, müxtəlif cür cəmiyyətlər formalaşıb. Bunların içində həm ədalət və düzgünlüklə idarə olunan cəmiyyətlər, həmçinin zülm və istibdadla idarə olunan cəmiyyətlər olub. Təəssüflə qeyd etmək olar ki, insanlıq tarixində nümunə göstəriləcək cəmiyyətlər çox az sayda olmuşdur. Demək olar ki, insan daima bir-birinin qənimi, bir-birinin istismarçısı olmuşdur. Bunların içində yalnız həqiqi imanla Allaha və Onun qanunlarına tabe olan kəslər istisnadır. Bu mövzuda ancaq şəhadət verib Allahı təsdiq etmək kifayət etmir. Həmçinin Allaha itaət etmək və Onun qanunlarına tabe olmaq əsas şərtdir. Çünki insan Allah qanunlarını tanımadıqca, öz qanunlarını önə çəkəcəkdir. Bunu özü də həm şəxsin özünə, həm də ətrafına zülümdür. Necəki bu gün dünya buna şahiddir. Dünyada baş verən zülm və haqsızlıqları insan dolaysı yollarla, müxtəlif formalarda özü yaradır. Bunun yeganə səbəbi Allahdan uzaq olmasıdır. Dünyanın və cəmiyyətin islahı isə, ilk öncə insanın özünün islahındadır. Hecəki Quran buyurur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (Şura-42) Hz. Əli (ə) xütbələrinin birində insanın islah yolunu və Allaha yaxınlıq yolunu bəyan edərək buyurur: 1- “Ey Allah bəndələri bilin və agah olun! Bəndəni Allaha yaxın edəcək vasitələr yalnız bunlardır! 2- Allaha iman gətirin! Onun mələklərinə (qeybə) və vəhyinə (bütün İslam etiqadına) iman gətirin! 3- Allah yolunda səy edin! Bu İslamın ən ali hədəfidir! 4- Həmçinin insan təbiətinin və fitrətinin (daxili aləmi) tələbi olan “Şəhadəti” iqraq edin! (Allaha və peyğəmbərə) 5- Namazı bərpa edin! Bu İslamın əsas ayinidir. 6- Zəkatı verin! Bu vacibatdandır. 7- Ramazan ayının orucunu tutun! Bu Allahın qəzəbindən və oddan qoruyan divardır. 8- Həcci yerinə yetirin! Bu kasıblığı, fəqirliyi, günahları aradan aparar. Behşiti vacib edər. 9- Qohum və yaxınları (silə-rəhm) yoxlamağı tərk etməyin! Bu malı və ömrü çoxaldar. Bu cəmiyyətin inkişafı deməkdir. 10- Gizlində sədəqə verin! Bu günahları əfv etdirər, Allahın qəzəb odunu söndürər. 11- Aşkarda sədəqə verin! Bu əməl qəfil və bəyənilməz ölümü insandan uzaq edər. 12- Xeyir və saleh işlər görün! Bu səhv və xətaların qarşısını alır!” (Tuhəful-uqul . tərcümə-137) Bəli istər insanın öz fərdi həyatı olsun, yaxud istər ictimai mühiti olsun, bütün bunların gözəl şəkildə qurulması yalnız insanın öz Rəbbinə bağlanmasında və düzgün istiqamətli səyindədir: “İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!” (Nəcm-39) (İslaminSesi)

1 2 3 4 5 6