Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 09.01.2025

“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur

Əmirəl-mömininin (ə) üstün sifətlərindən biri – Allahın təqdirinə razı olub, səbir etmək olmuşdur. Ümumi şəkildə deyə bilərik ki, İmam Əlinin (ə) üç üstün sifəti olmuşdur: 1. İmanı güclüdür. 2. Allahdan hər bir halda razıdır. 3. Sabirdir.   Mərhum Feyz Kaşani “Safi” təfsirində yazır: “Hər kim haqla olar, şübhəsiz ki, səbirli də olar”.   Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Əgər siz Əlininin (ə) məmunusuzsa (imama iqtida edən), Əli (ə) də sizin imamınızdırsa – gərək siz də onun kimi haqqa razı olasınız”.   Biz də gərək gündəlik həyatımız barəsində düşünüb, baxmalıyıq ki, rəftar və əməllərimizi Haqqa görə yerinə yetiririk, yoxsa yox? Bu razılıq ancaq zehnimizdə olmalı deyildir, əslində zehindən başlayaraq əmələ qədər hərəkət etməlidir. Görəsən Peyğəmbərin (s) İmam Əli (ə) ilə bağlı bu kəlamlarını biz də həyata keçirə bilərikmi? Biz də haqq dairəsində qərar tuta bilərikmi?   Həzrət Peyğəmbər (s) Qədir-Xum xütbəsində İmam Əliyə (ə) işarə edərək buyurur: “Allaha and olsun ki, “Əsr” surəsi onun barəsindədir”. (Sonra “Əsr” surəsini oxuyur). “Bağışlayan və mehriban Allahın adı ilə. And olsun əsr vaxtına ki, şübhəsiz, insan ziyan içindədir. Yalnız iman gətirib saleh əməllər edən, bir-birinə haqqı (sabit doğru əqidə və əməlləri) və (vəzifələri yerinə yetirməkdə) səbri tövsiyə edənlərdən başqa”. Həzrət Peyğəmbər (s) bu sözlərin ardınca buyurur: “Əlidən (ə) başqa ki, iman gətirmişdir və düzlük və səbirlə bəzənmişdir”. (Tebyan)   Allah bizləri də saleh və imanlı insanların zümrəsindən qərar versin.   /Deyerler.org/

İmam Əli (ə) 09.01.2025

Əli (ə) – Peyğəmbərin (s) şagirdi

Əli (əleyhissalam) buyurur: Dünyanı hədəf satmağın bəyənilməzliyi barədə İslam Peyğəmbərini özümüzə örnək və nümunə saymağımız kifayət edər. Eləcə də 150-ci xütbənin sonunda bu barədə belə buyurur: “Allahın dərgahında ən əziz bəndələr İslam Peyğəmbərindən nümunə götürüb addımını onun ayaq izinin yerinə qoyanlardır.”   Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm ac qarınla dünyadan köçərək ruh sağlamlığı və imanla əbədiyyətə sarı qanad açdı. Doğrudan da Allah bizə nə böyük nemət verdi. Və bizə inayət elədi ki, məhz onun xətti ilə hərəkət edək. And olsun Allaha əynimdəki köynəyimi o qədər yamamışam ki, artıq yamayandan utanıram. Bir şəxs etirazla mənə dedi: “Niyə bu köhnə paltarı çıxarmırsan!” Ona dedim: “Məndən uzaqlaş.” ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) XÜSUSİ ŞAGİRDİ Əli (əleyhissalam) gələcək təhlükəli hadisələrə də işarə etdikdə? ona belə ərz etdilər: “Ey İmam, qeybdənmi xəbər verirsən?!” İmam gülümsəyib buyurdu: “Ey Kəlbi qardaş, bu qeyb elmi deyil, bəlkə elə bir əhatəli elmdir ki, onu sahibindən (Peyğəmbər) öyrənmişəm.” Sonra buyurdu: Qeyb elmi, eləcə də qiyamət gününün elmi barədə “Loğman” surəsinin 34-cü ayəsində buyurmuşdu: “Şübhəsiz qiyamət günündən xəbər vermə elmi Allaha aiddir və o Allahdır ki, yağışı göndərir, ana bətnində olandan agahdır və heç kəs sabah nə olacağını və hansı torpaqda öləcəyini bilmir.” Bu sözlə demək istəyirdi ki, Allahın ən dəqiq işlərə belə (ayədə göstərilən beş cür işlər) agahlığı vardır ki, sizin o işlərdən xəbəriniz belə yoxdur. Allah bütün cüzi xüsusiyyətləri bilir, lakin Allahdan başqa bu cüziyyatı (incəlikləri) bilən yoxdur. Sonra buyurdu: “Bundan əlavə (beş növ) elmi Allah öz Peyğəmbərinə öyrətmişdir ki, o da məni həmin elmlərdən hali edibdir. Mənim üçün dua edibdir ki, Allah onu mənim qəlbimdə yerləşdirərək ə”za və əndamımı başdan-başa onunla bürüsün.”

İmam Əli (ə) 09.01.2025

Həzrət Əli (ə) – Uşaqlıq dövrü

Əli (əleyhissalam) Qasiə xütbəsində (“Nəhcül-bəlağə”nin ən uzun xütbəsi) buyurur: “Yeniyetməlik dövründə ərəb igidlərini yerə sərdim və iki qəbilənin–Rəbiy”ə və Müzirin uca budaqlarını sındırdım. Siz mənim Peyğəmbərlə səlləllahu əleyhi və alihi və səlləm qohum olduğumu və onun məktəbinə olan bağlılığımı yaxşı bilirsiniz. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm məni özü tərbiyə edib. Uşaq vaxtımda Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm məni öz doğma övladı kimi ağuşuna sıxıb, öz xüsusi istirahət otağında saxlayırdı. Ona elə yaxın idim ki, Həzrətin gözəl və xoş iyini duyub hiss edirdim. O xörəyi çeynəyib ağzıma qoyurdu. Həzrət məni heç vaxt yalan danışan görmədi eləcə də heç vaxt məndən bir səhv tutmadı. Həzrət Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi uşaq vaxtı süddən ayırdıqları zaman Allah ən böyük mələyini Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi gecə gündüz böyüklük, doğruluq və yaxşı əxlaqa sövq etməkədən ötrü göndərdi. Mən təzə doğulmuş, həmişə anasının dalınca düşən dəvə balası kimi onun ardınca gəzirdim. Həzrət hər gün əxlaqdan mənə yeni-yeni hikmətlər aşkar edərək onun xəttində irəliləməyimi tövsiyə edirdi. Həzrət Peyğəmbər ilin bir müddətini Həra dağında keçirirdi. Məndən başqa heç kəs onu görmürdü. O günlər İslam dini naminə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm öz evində idi. Xədicdən sonra 3-cü müsəlman mən idim. Biz İslamı qəbul etmişdik. Mən vəhy və risalət nurunu görürdüm. Xoş və ürək açan Peyğəmbərliyin iyini hiss edirdim. Peyğəmbərə vəhy nazil olan zaman şeytanın naləsini eşitdikdə Həzrətdən soruşdum: “Bu kimin ağlamasıdır?!” Buyurdu: Bu şeytandır, ibadətinin mükafatından məyus olub və elə ona görə də nalə edir. Bu zaman Həzrət belə buyurdu: “Ya Əli! Mən eşitdiyimi duyur mən gördüyümü isə görürsən. Sən təkcə Peyğəmbər deyilsən, lakin mənim vəzirimsən. Sən səadət və xeyr yolundasan.” İndi isə Əli (əleyhissalam)-ın yeniyetməlik çağında Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmi necə himayət etməsi barədə tarixi faktları yığcam da olmuş olsa nəzərinizə çatdırırıq. Həzrət Əli (əleyhissalam)-ın İslamı qəbul etdiyi vaxt təqribən on yaşı olardı. Əli (əleyhissalam)-ın ləqəblərindən biri də Quzəmdir. Bir hədisdə İmam Sadiq (əleyhissalam)-dan bu barədə belə soruşdular. Niyə Əli (əleyhissalam)-a bu ləqəbi verdilər? Həzrət cavabında buyurmuşdu: “Besətin əvvəlindən müşriklər uşaqlara Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə daş atmalarını tapşırmışdılar.” Həzrət də hər vaxt evdən çölə çıxsaydı uşaqlar onu daşa basırdılar. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmvəziyyəti Əli (əleyhissalam) üçün (o vaxt yeni-yetmə idi) danışdıqda Həzrət Əli (əleyhissalam) ərz etdi: Atam, anam sənə qurban. Həmişə evdən çıxdıqda mənə də xəbər ver. Bir gün Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm Əli (əleyhissalam)-la evdən bayıra çıxdıqda uşaqlar həmişəki adətləri üzrə Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləmə tərəf daş atmağa başladılar. Bu zaman Əli (əleyhissalam) onlara tərəf gələrək əlinə keçəni döyürdü. Uşaqlar da ağlaya ağlaya atalarının yanına gedib deyirdilər: “Əli bizi döydü, o bizi vurdu.” Məhz bu hədisdən sonra o Həzrətə Quzəm (quzğun ağırlığı) dedilər. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

İmam Əli (ə) 09.01.2025

Həzrəti Əlinin(ə) həyat və fəaliyyəti

İmam Əli (ə) Həzrət Məhəmməd (s) peyğəmbərliyə çatmamışdan 10 il əvvəl rəcəb ayının 13-də Kəbə evində dünyaya gəlib. Atası Həzrət Əbu Talib, anası Fatimə binti Əsəddir. Rəcəb ayının 13-də cümə gecəsi Fatimə binti Əsəd ağrılar hiss etdi. Əbu Talib Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: “Ey Əbu Talib, səbr et. Çünki nəcis əl Allahın vəlisinə toxunmamalıdır“. Fatimə binti Əsəd deyir: “Sübh vaxtı bir nida eşitdim: “Ey Fatimə, Bizim Evə gəl“. Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-Harama gətirdilər. Abbas ibn Əbdül Mütəllib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə Məscidül-Harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb: səmaya baxaraq belə dua etdi: “Pərvərdigara! Mənim Sənə, Peyğəmbərlərinə və Sənin tərəfindən göndərilən Kitablara imanım var. Mən babam Ibrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir tikib. Səni and verirəm, bətnimdə olan, mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir, bu doğumu mənə asan et“ (Ibn Şəhraşub, “Mənaqib“, c.2, səh.198-199. “Biharül-Ənvar“, 35 c. səh.8-36). Birdən orda olanlar gördülər ki, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd (ə) içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var (Irşad 1.c, səh.5). Fatimə binti Əsəd (ə) deyir: “Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn Imranın anası və Isanın anası Məryəm (ə) gəldilər. Onlar mənə salam verdilər: “Əssəlamu əleyki, ya Vəliyullah“. Və qarşımda əyləşdilər. Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini, Əlinin viladətində də, yerinə yetirdilər. (O zaman) Fatimə binti Əsəd, Peyğəmbər (s) dünyaya gəldikdə iştirak etmiş və əhvalatı Əbu Talibə danışmışdı. Həzrət Əbu Talib qabaqcadan ona demişdi: “30 il səbr elə, Allah sənə Peyğəmbərlərin sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, Peyğəmbər olmayacaq, onun vəsisi və canişini olacaq“ (Biharül-ənvar c.36, səh.6. “Rövzətül-vaizin“ c.1, səh.81). Cümə günü Əli (ə) Kəbənin sağ küncündə qırmızı daşın üstünə günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: “Əşhədu ən la ilahə iləllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulullah, bi Muhəmmədin yəxtimullahun – nubuvvətə və bi yəxtimul vəsiyyətə və ənə Əmirul-muminin“ (Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. Məhəmməd (s) Allahın rəsuludur. Əli Məhəmmədin vəlisidir. Məhəmmədlə nübüvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin ərşiyəm) (Mənaqib, c.2, səh.198). Sonra buyurdu: “Haqq gəldi və batil aradan getdi“. Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, şeytan fəryad etdi: “Vay olsun bütlərə və bütpərəstlərə“. Üç gün Kəbədə Fatimə binti Əsəd üç gün Ilahi qonaq olduqdan sonra öz möhtərəm və sevimli oğlunu qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: “Ey Fatimə, bu uşağın adını Əli qoy. Mən Əliyyi-Əla olan Allaham. Mən onun adını Öz adımdan seçmişəm, ona ədəb öyrətmişəm və Öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, Mənim Evimdə dünyaya gəlib. O, Mənim Evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o adamın halına ki, Onu sevib itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun“ (“Biharül-ənvar“, c.35, səh 9-37). Olubdu üç gecə-gündüz Xudaya Fatimə qonaq, Ananın olsa isməti Xuda gözəl bala verir. Çıxıbdı beytidən gəlib yetişdi dudi maninə Gəlibdi guya bir səs görüb Xuda nida verib. Alıb Peyğəmbəri-Xuda qucağına öpüb üzün, Görüblər çox sevir onu, öpür gözün, dua verir. Deyir: Xudayi-laməkan, Özün bu tifli hifz elə Vəsiyyi əvvəlimdi bu, Sənin kimi Xuda verir. Üç gün hər yerdə bu mübarək mövluddan, istisna halda dünyaya gəlişdən danışılırdı. Xüsusilə Kəbənin divarlarının kafirlərin gözü qarşısında yarılmasından. Fatimə binti Əsəd deyir: “Kəbədən xaric olub, övladımı Peyğəmbərin yanına qoyduqdan sonra o Həzrət mübarək ağzı ilə Əlinin ağzını açıb ağzının suyunu ona toxundurdu. Sağ qulağına azan, sol qulağtına iqamə dedi“ (“Mənaqib, c.2, səh 199“). Həzrət Əlinin viladətinin üçüncü günü Həzrət Əbu Talib (ə) ziyafət verdi və buyurdu: “Əli ibn Əbu Talibin (ə) ziyafətinə gəlin. Əvvəlcə Kəbəni 7 dəfə təvaf edin, sonra övladım Əliyə salam verin“. HƏZRƏT ƏLININ UŞAQLIQ DÖVRÜ Həzrət Əli (ə) öz uşaqlıq dövrü və Peyğəmbərlə (s) birlikdə olması barəsində belə buyurur: “Uşaqlıqda Peyğəmbər (s) məni qucağına alıb sinəsinə yapışdırar, yeməyi çeynəyib ağzıma qoyardı. Onun xoş iyi canıma daxil olurdu. O, danışığında yalan, rəftarımda isə səhv və nadanlıq tapmırdı. Allah Peyğəmbəri məni süd içən vaxtdan böyük mələklərlə yoldaş etmişdi. Mən də süd içən uşağın anasına itaət etdiyi kimi ona itaət edirdim. O, hər il Həra dağına gedirdi və bu vaxt məndən başqa heç kim onu görmürdü“ (Nəhcül-bəlağə, 234-cü xütbənin axır hzissələri). Həzrət Əlinin yaşayış dövrü 4 hissəyə bölünür: – Uşaqlıq dövrü – Peyğəmbərlə olan dövr – Xilafətdən uzaqlaşdırılan dövr – Xəlifəlik dövrü. NATIQI-QURAN Həzrət Fatimə (ə) buyurub: “Ey Allahın bəndələri, sizin aranızda Quran bir rəhbər kimidir. Sizinlə bağlanan bir əhdi-peymandır. Quran Allahın doğru danışan natiq bir Kitabıdır. Quranın nuru saçan, işığı isə parlaqdır. Onun dəlilləri aşkardır, sirləri açıqdır. Quranın ümmətləri həmişə yadları həsrətdə qoymuşdur“. Bu hədisin sətiraltı mənasına diqqət olunsa, görərik ki, natiqi-Quran Imam Əlidir (ə). Bu barədə Həzrət Əli (ə) belə buyurub: “Natiqi-Quran mənəm“. Bu hədisi həm mərifət sahibi olan ariflər, həm də hədis nəql edənlər təsdiq və qəbul edirlər. Məsihi alimi Xəlil Cübran deyir: “Quranı və Peyğəmbəri təsdiq eləməkdə Əli mənə bəsdir. Quran hər nə deyib, Əli onu götürüb“. Həzrət Fatimə (ə) digər bir hədisində buyurur: “Allahın kitabına itaət etmək Behiştə (cənnətə) doğru getməyə səbəb olar. Onun göstərişlərini dinləmək isə insanı nicat tapmağa yönəldər. O kitabla Allahın aydın höccət, dəlilləri, onun aşkar qayda-qanun, hüdud və vəzifələri hasil olur. Bu bir Kitabdır ki, halal-haram məsələlərini aşkar dəlilləri və kifayətedici sübutları, yüksək dəyərləri və müqərrər qayda-qanunları əhatə edir“. Mirzə Həbib Qüdsi deyir: Vay o gündən ki, olur yovmi-hesab, Haqq edər məxluqa qəhr ilə xitab. Siz mənim əmrimə taət etmədiz, Sidq qəlbilə ibadət etmədiz. Peyğəmbər Qədir-Xum günündə (18 zilhiccə 632-ci il) buyurdu: “Mən sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın kitabı olan Quran, ikincisi mənim Əhli-beytim. Hər ikisi Kövsər hovuzunda mənə çatana qədər bir-birlərindən ayrılmazlar“. Azərbaycan klassik ədəbiyyatının korifeylərindən sayılan Nəsimi, Füzuli, Xətai, Şirvani və sair şairlər Peyğəmbərin (s) və Əhli-beytin şənində çoxlu şeir, qəzəl və qəsidə yazmışlar. Lakin bunu etiraf etməliyik ki, Allah-Təalanın tərif etdiyi və dost tutduğu şəxslərin bəşərin tərifinə ehtiyacı yoxdu və olmayacaq da. Ancaq ruhları əbədiyyətə qovuşmuş şəxslərin zəhmətini itirmək düzgün olmaz. M.Füzuli ömrünün sonuna qədər Imam Hüseynin rövzəsindən ayrılmır və Kərbəlada pak ruhu Allah dərgahına qovuşur. Nəsimi və Xətai də İmam Əli və İmam Hüseynin qeyrət və rəşadət məktəbindən dərs alıb və oların sevgisiynən bütün əzab-əziyyətlərə qatlaşıb, əbədi ölməzlik qazanıblar. S.Ə.Şirvani öz hörmət və məhəbbətini Əhli-beytə belə çatdırıb. Bir vücudi kamilin olmuş tüfeyli kainat Xəlqi aləmdən nə Musavu, nə Isadır qərəz. Bu beytdə “vücudi kamildən“ məqsəd Həzrət Məhəmmədə işarədir. Hədisi-Qüdsidə buyurulub: “Ey Peyğəmbərim, sən olmasaydın, kainatı yaratmazdım, Əli olmasaydı Səni yaratmazdım, Fatimə olmasaydı, heç birinizi yaratmazdım. Aydındır ki, Peyğəmbərə xatir Allah-Təala cahanı yaradır. Bəs nəyə görə buyurulur, Əli olmasaydı, ya Peyğəmbər, səni yaratmazdım. Əli (ə) Peybəmbərdən sonra dinin qoruyucusu, həm də Imam idi. Islam dinində məqsəd təkcə namaz, oruc deyil, əsl məqsəd imamətdir. Hidayət iki növdür: Yolu göstərmək – bu işi Peyğəmbərlər görürlər Məqsədə çatdırmaq – bu işi imamlar görür və bəzi Peyğəmbərlərə Allah tərəfindən icazə verilir. Məqsədə çatdırmaq – bu hidayətdən məqsəd – insanların ürək və canlarına əhatə əsasında hidayət eləmək. Çünki imamların insanların ürək və canlarına əhatəsi var: onları kamala tərəf apara bilər. Bizim bir-birimizlə əhatəmiz yoxdur, ona görə ayrıyıq. Lakin ruh ki, kamilləşdi, o biri ruhla əhatə tapar. Ey Yaradan aləmi, ol şahi-Xuban eşqinə,  Ol Rəsuli-əxiratın möcüzəsindən mədəd. (Xətai) “Fatimə olmasaydı heç birinizi yaratmazdım“ – buradan belə nəticə almaq olar ki, Fatimənin 2 övladı Imam Həsən və Imam Hüseyn Islamın əbədi qalması üçün öz canlarını din yolunda fəda etdilər. Əgər Fatimə və Əli olmasaydı, bu gün digər dinlər kimi Islamdan ancaq quru ad qalardı. Lakin Imam Hüseyn (ə) buyurdu: “Ey qılınclar, əgər ölməyimlə Məhəmmədin dini yaşayacaqsa, məni doğrayın“. S.Ə.Şirvani digər beytində deyir və bizlərə tövsiyə edir ki, nicat tapmaq istəyirsinizsə və Allah dərgahında üzüağ, alnıaçıq olmaq istəyirsinizsə, pənci-tənlər adın zikr edin. Pənci-tənlər adını zikr et ki, Seyyid, bilmişəm, Adəmə təlimi-əsmadən bü mənadır qərəz. Beytdə “pənctənlər“ əba altında olan 5 şəxsiyyət – Həzrət Rəsuli-Əkrəm (s), Fatimə (ə), Əli (ə), Imam Həsən (ə) və Imam Hüseyndir (ə). Bu misra Quran ayəsinə işarədir. “Bəqərə“ surəsinin 37-ci ayəsində buyurulur: “Adəm Rəbbindən neçə söz öyrəndi və Rəbbi tövbəsini qəbul etdi. Çünki O, tövbə qəbul edən və mehribandır“. Seyid yazır ki, “təlimi-əsma“ adları çəkilən 5 nəfər olub. Aşıq Əhməd Rüstəmov da bir şeirində qeyd edib bu ayəni. Beş kimsənin üzünə qərar tapıb durub dünya, Mühəmməd, Əli, Fatimə, Həsən, Hüseyni-Kərbəla. Əhməd deyər: Bari Xuda, pənci-təni Ali-əba Yer ümmətin harayına ruzi Qiyamət ya Əli. Qurani-Kərimlə Əhli-beytin oxşarlıqları çoxdur. Imam Hüseynlə Quranın bir-birlərinə oxşarlıqları bunlardır. – Qurani-Kərim də, Imam Hüseyn də əmr be məruf və nəhy əz münkər edir. – Qurani-Kərim xalqı Allaha tərəf, haqqa doğru dəvət edir. Imam Hüseyn (ə) Aşura günü buyurdu: “Mən sizi Haqqa tərəf dəvət edirəm“. – Qurani-Kərim Quran əhli olmayan şəxslərdən şikayət edir. Imam Hüseyn (ə) də Qiyamət günündə özünə və Əhli-beytinə zülm edən şəxslərdən şikayət edəcək. – Qurani-Kərim “Səyyidul-kəlam“dır, yəni – kəlamların ağasıdır. Imam Hüseyn (ə) “Seyyidüş-şühəda“dır, yəni – şəhidlərin ağasıdır. -Qurani-Kərim də nurdur, Imam Hüseyn (ə) da nurdur. Allah-Təala bizləri bu iki nurdan ayrı salmasın. Bu dünyada Bizi Imam Hüseynin (ə) Kərbəlada olan ziyarətindən Qiyamət günü şəfaətindən binəsib eləməsin. Amin! M.Füzuli də Quran ayələri ilə danışa bilən gözəl klassik şairlərdən biri olub. Yox işim napak ilə, salehlərin qurbanıyam, Pakdır ruzi-əzəldən dini-imanım mənim. Bütün varlığını pak imamlar kimi Allaha bağlayan Füzuli 500 ildir Azərbaycan ədəbiyyatının əlçatmaz zirvəsindədir. Ağası Imam Hüseynin qulluğunda yaşayıb yaradan bir şair bütün bu sevgi və məhəbbətə layiqdir. Payini-Hüseyn cənnətim olmuşdur əzəldən, Ordan gedəcək rövzeyi-rizvanə Füzuli. Bu eşqi-Hüseyni verən Allaha məhəbbət, Əlbəttə salıbdır onu ümmanə Füzuli. Ruhun şad olsun, ulu ustad. Həzrət Əlinin “Nəhcül-Bəlağə“sini oxuduqdan sonra ərz elədin ki, “Söz budur ki, sən dedin, qeyrin sözü əfsanədir“. Allah-Təala bizi də Imam Əlidən dərs alanlardan qərar versin, bəlkə onda sənin sözlərindən və səndən sonra gələn gözəl arif-şairlərin sözlərindən Əlini və Fatiməni tanıya bilək. M.Füzuli “Bəqərə“ surəsində mələklərin Adəmin (ə) yaranmasına etirazını belə qələmə alır. Adəm əvvəl səri-kuyin verib almış Cənnət,  Eşidib tən mələk sonra peşiman oldu. Bu beytin açılışı iki mənadadır. Mələklər Adəmin yaranmasına etiraz etdikdə Adəm xəlq olunmağına peşiman oldu. Xətai bir beytində deyir: Dünyada aşiq olan geydi məlamət donunu, Hər yetən aşiq olurmu dərd ona kar olmasa. Yəni hər kəs aşiq oldu, tənə yeməlidir. Şirvani də deyir: “Nə deyim Adəmə ki, gətdi bu dünyayə məni“. Füzuli ikinci mənada bildirir ki, “Eşidib tən mələk sonra peşiman oldu“. Yəni mələklər də Allah-Təaladan tənə aldılar ki, “Mənim bildiklərimi siz bilmirsiniz“ peşiman oldular. S.Ə.Şirvani də bu cərəyanı nəzmə çəkib. Istərdi mələk Adəmi kim, tapmaya xilqət Hüsni bəşəri gör ki, mələk oldu giriftar. “Bəqərə“ surəsində buyurulur ki, Allah-Təala Adəmi (ə) xəlq edəndə mələklər etiraz edib dedilər ki, Ilahi, biz Sənə layiqincə itaət etdiyimiz halda buna nə ehtiyac? Allah-Təala buyurdu: “Şübhəsiz Mən siz bilmədiklərinizi bilirəm“. Elə ki, Adəm xəlq oldu, mələklər ona səcdə etdilər. Rəvayətlərdə və klassik şairlərimizin əsərlərindən belə görünür ki, mələklərin bilmədiyi 14 məsumdur ki, Allah-Təala onların adını Adəmə (ə) öyrətdi. Sonra Adəm (ə) “təlimi-əsma“ deyilən bu adları mələklərə öyrədir. Lakin əvvəldə dediyimiz ki, Şirvani uzun illər dini elmlərlə məşğul olmuş, mədrəsə təhsili görmüş, müdrik bir insan kimi ərz edir ki, “təlimi əsma“dan məqsəd “pəncim-təni ali-əbadır“. Çünki Adəmi (ə) kamil surətdə xəlq etdiyindən ona sonradan “təlimi-əsma“ (Allahın gözəl adlarını) öyrətməyə ehtiyac yox idi. “Fəcr“ surəsinin 2-ci ayəsi və sonuncu ayələri təfsir alimlərinin yekdil nəzərinə əsasən, Imam Hüseyn haqqında nazil olub. 2-ci ayədə buyurulur: “And olsun on gecəyə“. Islam təqvimi Məhərrəm ayı ilə başlayır və 10-cu gün Imam Hüseynin Kərbəlada şəhid olduğu gündür. Sonuncu ayələrdə buyurulur: “Ey özündən razı qalan nəfs! Artıq dön Rəöbbinə və Mənim bəndələrim sırasına keç və behiştimə daxil ol“. S.Ə.Şirvani bu barədə öz qəzəlində belə yazır: Yox məndə hələ nəfsi mələk, qüvveyi-qüdsi, Axır bəşərəm, rəhm qıl ey xaliqi-qəffar. Bu beytdən aydın görünür ki, Seyid Allahdan nəfsi mələk – yəni “mütməin“ özündən razı qalan nəfsi istəyir. Islam alimləri qeyd ediblər ki, Insanda üç cür nəfs var. Nəfsi əmmarə (əmr edən nəfs), nəfsi ləvvamə (danlayan, məzəmmət edən nəfs), nəfsi mütməin (özündən razı qalan nəfs). Nəfsi-mütməinə nəfsi-mələk də deyirlər ki, beytdə söhbət bu nəfsdən gelir. “Axır bəşər“ ifadəsi miskin, zəlil şəxs anlamını verir. Seyid deyir ki, ey mərhəmətli Xaliq, mən bir miskin bəndəyəm ki, məndə nəfsi mütməin yoxdur (əmr edən nəfsin əlində əsir qalmışam), mənə rəhm et. S.Ə.Şirvani haqq yolunu bizə göstərir və bu yolla getməyi tövsiyə edir. Tut, könül, ali-Əba damənini, eyləmə qəm,  Get bu yoldan ki, bu yol Buzəri, Səlman yoludur. Beytdə deyilir, ey könül Əli və övladlarının ətəyindən tut və bu yolla get ki, bu yolu Əbazər, Səlman (Peyğəmbərin (s) 9 səhabəsi olublar) da gedib. Axund Hacı Soltan ağa da bu beytlə səsləşən bir beytdə deyir: Əhli-Islama yəqin babi-Əlidəndi nicat,  Özgə bir kəsdə səxa yoxdu, bu xülyadan keç. Peyğəmbər (s) buyurub: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır“. Axund Hacı Soltan ağa tövsiyə edir ki, əhli-Islama qapı Əlidir (ə), başqa şəxslərdə bir səxa yoxdu və bu xəyaldı. Ağlı olan şəxs isə xəyal dalınca yox, həqiqət dalınca gedər. Xəlq edib hər kəsdən əvvəl Ilahi, Beş nəfər müqəddəs, beş nəfər dahi. Mühəmməd, Fatimə, Murtəza, Həsən, Bir də Imam Hüseyn-Kərbəla şahı. Islam dininin fədaisi, müqəddəs insan və tarixi şəxsiyyət olan Imam Əli (ə) öz qeyri -adi möcüzə və kəramətləri ilə Allah tərəfindən “Yədullah“ – Allahı əli, “Qudrətullah“ – Allahın qüdrəti, “Əsədullah“ – Allahın şiri, “Babullah“ – Allahın qapısı, “Eynullah“ – Allahın gözü və sair kimi ləqəblər almışdır. Peyğəmbər buyurub: “Mənim üməttim, ziynətləndirin öz məclislərinizi Allahın dostu Əlinin tərifi ilə“. Adlarını məqalədə çəkdiyim şəxslər Peyğəmbərin bu hədisinə əməl etmiş və öz yazılarında Əlini (ə) mədh etmişlər. ELM VƏ ƏXLAQ SIMVOLU Quran və Islam baxımından həyat və Axirət məsəllərində ən mühüm sayılan əməl elm oxumaqdır. Bir şərtlə ki, həmin elmə əməl edəsən. Sədi Şirazi deyib: Elmin əgər olsa bir ümman qədər, Nadansan, əməlin olmasa əgər. Peyğəmbərə nazil olan ilk surədə “Ələq“ surəsinin əvvəlində buyurulur: “Oxu, Yaradan Rəbbbinin adı ilə“. Bu ayədən aydınlaşır ki, ilk nazil olan surədə bizlərə oxumaq tövsiyə olunur. Sonrakı ayələrdə qələmin rolu ilə yaranan xəttin – yazının lazımlığı göstərilir. Göründüyü kimi, müqəddəs kitabımız Qurani-Kərim bizə ilk olaraq elmə, biliyə yiyələnməyin vacibliyini xatırladır. Açır hər hikmətin sirrin bəşərçün sureyi “İqrə“ Hər elmin, sənətin ən başlıca ünvanıdır Quran. Xuda vəhy eylədi hər bir kəlami-Mustəfa üçün, Dedi: “Təfsir elə, elmin əsil meydanıdır Quran“. Qurani-Şərifdə elm gündüzə, cəhalət gecəyə bənzədilir. Islam dininin həyatı elm və bilikdir. Hər şeyin mənası məntiqi, hədəfi, dəyəri elm iman, əməl ilə bilinir. Peyğəmbər buyurur: “Oxuyun, oxuduğunuza inanın, sonra əməl edin. Əməl etdiz başqalarına öyrədin. Hərgah oxudunuz, inanıb əməl etdiniz, başqalarına öyrətməsəniz faydası yoxdur“. Quran insanın kamalını elmdə bilir və elmsiz imanı qəbul etmir. Buyurur ki, Allahı da gərək elmi ilə tanıyasız. Elm ilə iman bir-birinə köməkdirlər, biri digərsiz naqisdi. Insanın müxtəlif ehtiyacları var, bəzisinə iman, bəzisinə elm göstəriş verir. Elm – işıqlıq, iman – eşq verir, eşq – ümid verir. Əgər bir insanın qəlbində iman olsa onun gələcəyə ümidi olar. Elm heç vaxt eşq yarada bilmir, elm alət yaradır, iman isə istiqamət verir. Ariflərdən biri deyib: “Elm əməl gətirməz, eşq əməl gətirər“. Elm – xarici, iman – daxili inqilabdır. Iman bizə ilham bəxş edir. Elm ilə iman bir-birlərinə yardımçıdırlar. Həzrət Əli dahi bir müəllim kimi insanlığı tərbiyə etməklə onun məziyyətlərini və başqa əsas xətlərini bəşəriyyətə göstərmişdir. Beləliklə, Islam məktəbinin inkişaf yolu açılmışdır. Imam Əli (ə) öz qarşısında savadsız, biliksiz xalqı görürdü. Əlinin dövründə ərəb cəmiyyəti savadsız olduğundan nə qədər geriləyir və bu geriliyin də nə qədər mənfi təsir göstərdiyinin şahidi olur. Əli (ə) o qədər yüksək dərəcəli elmə malik bir şəxs idi ki, özü demişdir: “Bu köksümdə çoxlu gizli elmlər var. Kaş bu elmlərlə yüksəlib, onları apara biləcək insanlar tapa biləydim“. Əlinin (ə) nə qədər yüksək məqama çatdığını Peyğəmbər bir hədisində belə buyurur: “Elm, hikmət, yüksək əxlaq, ədalətli hökm və fəzilətlər sahibi olan Əlinin (ə) şan və şərəfi o qədər ucadır ki, cənnət belə ona müştaq olmuşdur“. Həzrət Əlinin elmi barədə bir çox alimlər, ariflər, şairlər hikmətli sözlər demişlər. Ulu Mövlanə Əlinin elmi barədə belə deyir: “Ixlası da, əməli də Əlidən öyrən, Haqqın şirin hiylədən münəzzəh bil. Sən, ya Əli, elm şəhərinin qapısısan, sən helm günəşinin nurusan. Ey rəhmət qapısı, ey bərabəri olmayan, Allah barigahı bağlanma, əbədi açıq qal. Igidlikdə Allahın şirisən, ərlikdə isə kimliyini kim bilir“. Əli (ə) buyurur: “Qəlblərə istirahət vermək üçün onları maraqlı elm məsələləri ilə məşğul edin“. Allah-Təala Əhli-beyt və Quran ardınca gedən bütün insanları bütün çətinliklərdən və sınaqlardan üzüağ çıxartsın. Amin, ya Rəbbəl-Aləmin!

İmam Əli (ə) 09.01.2025

Hz.Əlinin (ə) vəsiyyətnaməsindən bir parça

Həzrət buyurub: “Bu, Allahın bəndəsi Əli ibn Əbu Talibin yazdığı vəsiyyətdir. O, bu vəsiyyəti Allah yolunda (vəqf olunan) mal-dövləti üçün yazır, bu ümidlə ki, Allah bu əməl vasitəsi ilə onu bəzi üzlərin ağ, bəzilərinin qara olduğu gündə cənnətə daxil edib cəhənnəm odundan uzaq saxlasın. Həqiqətən, mən Yənbü və onun ətrafında olan mallarımın hamısını sədəqə (vəqf) verdim.” Bütün bu gözəl əməl və ibadətlərə baxmayaraq, müharibədən qayıdan zaman ağlayaraq buyurmuşdu: “Qorxuram ki, ömrümün axırında xoşbəxtliyin ən yüksək mərtəbəsinə – Allah yolunda şəhadət feyzinə nail olmayım.” Nəhayət, Peyğəmbər (s) ona, ömrünün axırında şəhid olacağını müjdə verdi.

İmam Əli (ə) 09.01.2025

Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri

“Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin”. 1. «Təbliğ» ayəsi: «Ya Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı bəyan et. Əgər etməsən, Allahın risalətini yerinə yetirməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah kafir camaatı düz yola yönəltməz». Təfsirçi və tarixçilərin həzrət Əliyə (ə) aid etdikləri üç yüz Quran ayəsindən biri olan bu ayənin həzrət Əliyə (ə) aid olmasını Əbu-İshaq Sələbi, Təbəri, İbn-Səbbağ Maliki və bir çox başqa alimlər təsdiqləyirlər. 2. «Vilayət» ayəsi: «Sizin ixtiyar sahibiniz Allah, Onun rəsulu və iman gətirib namaz qılan, rüku halında zəkat verənlərdir». Bu ayənin həzrət Əliyə (ə) aid olduğunu Fəxr Razi, Nişaburi, Zəməxşəri kimi böyük alimlər təsdiqləyirlər. 3. «Nisa» surəsi, ayə 59: «Ey iman gətirənlər, Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin». «Mübahilə» ayəsi: «Sənə göndərilən bilikdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra isə Allaha yalvarıb, yalançılara Allahdan lənət istəyək». Tarixçilər və təfsirçilər bildirirlər ki, həzrət Peyğəmbər (s) öz yaxınlarını sadaladıqda Əlini (ə), Fatiməni və Həsənlə Hüseyni nəzərdə tutmuşdur. 4. «Təthir» ayəsi: «Evlərinizdə qərar tutun. İlkin cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun rəsuluna itaət edin. Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi pak etmək istəyir». Təbəri, Fəxr Razi və bu kimi digər böyük sünni alimləri də uyğun ayənin həzrət Əli (ə) haqqında nazil olduğunu təsdiqləyirlər. 5. «Bəraət» surəsi: Müxtəlif firqə alimlərinin bildirdiyinə görə «Bəraət» surəsinin ayələri nazil olduqda həzrət Peyğəmbər (s) həmin surəni müşriklərə oxumaq üçün Əbu-Bəkri Məkkəyə göndərdi. Əbu-Bəkr yola düşdükdən sonra Cəbrail nazil oldu və Peyğəmbərə (s) salamdan sonra ərz etdi ki, bu işi sənin özündən olan bir kəs görməlidir. Həzrət Peyğəmbər (s) dərhal Əlini (ə) çağırdı və öz dəvəsini verib Əbu-Bəkrə çatmasını tapşırdı. Həzrət Əli (ə) Peyğəmbərin göstərişi əsasında Əbu-Bəkrə çatıb «Bəraət» ayəsini ondan aldı və özü müşriklərə oxumaq üçün Məkkəyə yola düşdü. 6. «Məvəddət» ayəsi: «Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. Ya Peyğəmbər (s), de ki, mən sizdən risalətim müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm». Zəməxşəri, Gənci Şafei və başqa alimlər nəql edirlər ki, ayə nazil olduğu vaxt Peyğəmbərdən Əhli-beyt haqqında soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: «Həzrət Əli (ə), Fatimə və onların iki oğlu mənim əhli-beytimdir». 7. «Rəd» surəsinin 43-cü ayəsi: «Onlara belə cavab ver: «Mənimlə sizin aranızda Allahın və kitabı bilənin şahid olması yetər». Əbu-Səid Xidri deyir: «Həzrət Peyğəmbərdən kitabı bilən kəsin kim olduğu haqqında soruşdum. Həzrət buyurdu: «Həmin şəxs qardaşım Əli (ə) ibn Əbi-Talibdir». Bəli, həzrət Əli (ə) haqqında nazil olmuş ayələrin sayı üç yüzü keçir.   www.ahliman.info

İmam Əli (ə) 09.01.2025

İmam Əlinin (ə) ömrünün sonunda 13 mühüm vəsiyyəti

İmamın ölümündən öncəki vəsiyyəti insan həyatının bütün sahələrini ehtiva edir. 13 mühüm tövsiyə bunlardan ibarətdir: 1. Sizə tövsiyə edirəm ki, təqvalı olub Allahdan qorxasınız, dünya sizin sorağınıza gəlsə də, siz dünyanın ardınca getməyəsiniz. 2. Dünyada əlinizdən çıxan bir şey üçün təəssüflənməyin. 3. Haqq söz deyin və (ilahi) əcr və savab üçün iş görün. 4. Zalımların düşməni və məzlumların dostu, himayəçisi olun. 5. Mən sizə və bütün övladlarıma, əhlimə və bu vəsiyyətnamənin çatacağı hər bir kəsə təqvalı olub Allahdan qorxmağı, öz işində nəzmli (dəqiq) olmağı, iki nəfərin arasında sülh yaratmağı tövsiyə edirəm, çünki sizin cəddiniz Rəsulullahın (s) belə buyurduğunu eşitdim: “Camaat arasında sülh yaratmaq bir illik oruc-namazdan üstündür.” 6. Amandır, yetimləri unutmayasınız! Məbada onlar bəzi vaxtlar ac, bəzi vaxtlar tox olalar! Məbada sizin hüzurunuzda, onlara baş çəkən bir adamın olmadığına görə (tələf olub) aradan gedələr! 7. Amandır, öz qonşularınızla gözəl rəftar edin, çünki onların barəsində sizin Peyğəmbəriniz (s) daim tövsiyələr etmişdir. O həzrət qonşular barəsində o qədər tövsiyə edirdi ki, biz tezliklə irsdən onlara da bir pay verəcəyini güman edərdik. 8. Amandır, Qurana (çox-çox) əhəmiyyət verin! Məbada başqaları ona əməl etməkdə sizdən irəli keçə! 9. Amandır, namazdan qafil olmayın! Həqiqətən namaz dinin sütunudur. 10. Amandır, Allahın Evi (Kəbə) barəsində; nə qədər ki, dirisiniz, onu boş qoymayın. Çünki əgər boşladılsa, sizə möhlət verilməyəcək və ilahi bəla sizi tutacaq. 11. Amandır, Allah yolunda mal-dövlətinizlə, canınızla və dilinizlə olan cihadı unutmayın! 12. Sizə vacibdir ki, dostluq əlaqələrini və məhəbbəti möhkəmlədəsiniz, ehsanı, bəxşişi unutmayasınız və bir-birinizə arxa çevirməkdən, əlaqələrinizi kəsməkdən uzaq olasınız. 13. Yaxşılığa dəvət və pislikdən çəkindirməni təkr etməyin, (əks halda) şər adamlar sizə hakim olacaq, sonra da nə qədər dua etsəniz, qəbul olunmayacaqdır.

İmam Əli (ə) 09.01.2025

İmam Əli(ə)buyurub: (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən

İmam Əli(ə)buyurub: (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki,Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s)yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»[1] Nəhcül-Suadə,c.2, səh. 742

İmam Əli (ə) 09.01.2025

Allah Rəsulu (s): “Ey Əli, sən Cənnətin Zülqərneynisən.” (İbn Hibban)

Əhli-sünnə alimi İbn Hibban yazır: أخبرنا عبد الله بن أحمد بن موسى بعسكر مكرم عبدان قال : حدثنا هدبة بن خالد قال : حدثنا حماد بن سلمة عن ابن إسحاق عن محمد بن إبراهيم التيمي عن سلمة بن أبي الطفيل عن علي بن أبي طالب أن رسول الله صلى الله عليه و سلم قال له : يا علي إن لك كنزا وإنك ذو قرنيها فلا تتبع النظرة النظرة فإن لك الأولى وليست لك الآخرة Bizə Abdullah ibn Əhməd ibn Musa nəql edib dedi: bizə Hədbə ibn Xalid nəql edib dedi: bizə Həmmad ibn Sələmə Məhəmməd ibn İshaqdan, o, Məhəmməd ibn İbrahim ət-Teymidən, o, Sələmə ibn Əbut-Tüfeyldən, o da Əlidən nəql edib dedi: Peyğəmbər mənə belə dedi: “Ey Əli, sənin Cənnətdə bir xəzinən vardır və sən Cənnətin “Zu-qərneyn”isən. (Naməhrəmə) bir dəfə baxdınsa, ikinci dəfə baxma. Birinci baxış icazəli olsa da, ikincisi belə deyil.”

İmam Əli (ə) 08.01.2025

İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi

Bir gün İmam Əli (ə) məscidə daxil oldu. Bir cavanı görür ki, ağlayır və insanlar da onu əhatə edib, təsəlli verirlər. İmam (ə) ona yaxınlaşır və soruşur: “Niyə ağlayırsan? Cavan deyir: “Ya Əli! Qazi mənim üçün bir hökm vermişdir ki, bilmirəm doğrudur, yoxsa yanlış. Bu camaat atamı özləri ilə səfərə aparmışdı. İndiki qayıdıblar, atam onlarla birlikdə deyildir. Atamı onlardan soruşanda, dedilər ki, ölübdür. Dedim: “Bəs malı nə oldu?”. Dedilər: “Heç bir mal qoyub getməyibdir”. Onları qazinin yanına apardım və onlar and içdilər və getdilər. Halbuki, mən yaxşı bilirəm ki, atam özü ilə səfərə çoxlu mal aparmışdı”. İmam (ə) özü, həmin cavan və o camaat bir yerdə qazinin yanına gəldilər. İmam (ə) buyurdu: “Ey qazi! Bu insanların arasında necə hökm vermisən?”. Qazi dedi: “Bu cavan iddia edir ki, atası bu insanlarla səfərə gedib və geri qayıtmayıbdır. Onlardan soruşdum və dedilər ki, ölübdür. Soruşdum malı nə oldu? Dedilər: “Malı qalmayıbdır”. Cavana dedim ki, şahidin var, o da dedi ki, yoxdur. Ona görə də onları and içdirdim. İmam (ə) buyurdu: “Heyhat! Belə bir hadisədə belə hökm verirsən? Bu məsələdə elə hökm verərəm ki, məndən əvvəl heç kəs verməmişdir, məgər Davud peyğəmbərdən (ə) başqa”. Nökərinə əmr etdi ki, pəhləvanları çağırsın. Hər birini bir dəstəyə vəkil etdi və sonra buyurdu: “Nə deyirsiniz? Güman edirsiniz ki, mən bu cavanın atası ilə nə etdiyinizi bilmirəm? Əgər bunu bilməsəm, nadan olaram”. Buyurdu: “Bunları bir-birlərindən ayırın və hər birini məscidin bir sütunun arxasında saxlayın. Başlarını paltarları ilə bağlayın ki, bir-birini görə bilməsinlər”. Sonra öz katibini çağırdı və buyurdu: “Kağız və mürəkkəb hazır et!”. İnsanlar Həzrətin (ə) ətrafında toplaşdılar. Həzrət (ə) buyurdu: “Nə zaman mən “Allahu Əkbər” desəm, siz hamınız “Allahu Əkbər” deyin”. İmam (ə) onlardan birini tək çağırdı və yanında əyləşdirdi. Üzünü açdı və katibinə deyilənləri yazmasını əmr etdi. İmam (ə) buyurdu: “Nə zaman bu cavanın atası ilə evindən çıxmısan?”. Dedi: “Filan gündə”. Buyurdu: “Hansı ay idi?”. Dedi: “Filan ayda”. Buyurdu: “Hara çatan zaman o, öldü?”. Dedi: “Filan yerə”. Buyurdu: “Kimin evinin qapısında öldü?”. Dedi: “Filan şəxsin”. Buyurdu: “Nə xəstəliyi var idi?”. Dedi: “Filan xəstəlik”. Buyurdu: “Neçə gün xəstə oldu?”. Xəstə olduğu günlərin sayını dedi. Buyurdu: “Hansı gündə öldü? Kim ona qüsl verdi? Kim onu dəfn etdi? Kəfəni hansı parçadan idi? Kim ona namaz qıldı? Kim onu qəbrə qoydu?”. O, bütün bu sualların cavabını verdi. İmam (ə) bütün bu sualları verəndən sonra buyurdu: “Allahu Əkbər”. İnsanların hamısı təkbir deməyə başladı. Dostları yəqin etdilər ki, artıq həmin kişini öldürdüklərini etiraf etmişdir. Həzrət (ə) əmr verdi və üzünü bağlayıb yerinə apardılar. Başqa birini çağırdı və yanında əyləşdirdi, üzünü açdı və buyurdu: “Güman edirsiniz ki, mən sizin nə etdiyinizi bilmirəm?”. O, dedi: “Ey Əmirəl-möminin! Mən onlardan biri idim. Ancaq onu öldürməyə razı deyildim”. Sonra hər biri gəlib cavanın atasını öldürdüklərini və malını götürdüklərini etiraf etdilər. İmam (ə) həmin malları alıb, cavana qaytardı. Atasının öldürülməsinə görə də hökm çıxartdı. /Deyerler.org/

İmam Əli (ə) 08.01.2025

İmam Əli əleyhissalam və insanlarla birgə yaşayış əxlaqı

İnsan ictimai varlıqdır, yəni insanın tək yaşaması mümkün deyil. Hər birimiz istər istəməz insanlarla ünsiyyətdə olmalıyıq. Belə ki, bəziləri ilə yolda-küçədə qarşılaşırıq, bəziləri ilə iş yerində, mağazada, məhəllədə, parkda və ilaxır. Həmiçinin bəzi insanlara biz baş çəkməyə (və ya qonaq) gedirik yaxud onlar bizə qonaq gəlir. Bəs, görəsən gün ərzində rastlaşdığımız insanlar ilə necə davranmalıyıq?! Bu məqalədə məqsədimiz möminlərin əmiri imam Əli əleyhissalamın insanlarla necə davrandığını araşdırmaqdır, təki hamımız insanlarla düzgün rəftar tərzini öyrənək, sonra isə icra edək. . 1- İmam Əli əleyhissalamın dini azlıqların nümayəndələri ilə rəftarı . Biz müsəlman ölkəsində yaşayırıq, bununla belə Azərbaycan vətəndaşlarının az bir hissəsi qeyri-müsəlmandır. Müsəlmanlarla İslam haqqları əsasında, müsəlman olmayanlarla isə insanlıq haqqları əsasında rəftar etməliyik. İmam Əli əleyhissalam səhabəsi Mailk Əştəri Misirə vali göndərərkən ona yazdığı məktubunda buyurur: وأشعر قلبك الرحمة للرعية والمحبة لهم واللطف بهم . ولا تكونن عليهم سبعا ضاريا تغتنم أكلهم ، فإنهم صنفان إما أخ لك في الدين وإما نظير لك في الخلق “Əhali ilə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Heç vaxt onlara (vətəndaşlara) qarşı, yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olma. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər.” -İmam Əli əleyhissalam günlərin birində piyada səfərə çıxarkən həmin yol ilə addımlayan bir xristian ilə həmsəfər oldu. Xristian kişi İmamdan (ə) hara getdiyini soruşduqda İmam (ə) “Kufəyə gedirəm” deyə cavab verdi. Bir azdan yol ayrıcına çatdılar. Kufə yolu xristian kişinin getdiyi yoldan fərqli istiqamət idi. İmam Əli (ə) o kişi ilə onun getdiyi məntəqəyə sarı addımlayırdı. Xristian kişi dedi: -Məgər siz Kufəyə getmirsinizmi? İmam Əli (ə) buyurdu: -Bəli, mən Kufəyə gedirəm. Lakin sizinlə bir miqdar yol getmək yoldaşlıq haqqıdır, bu haqqı və insanlığı bizlərə həzrət Muhəmməd (s) tapşırmışdır. Xristian kişi dedi: -Doğrudanmı bunu Muhəmməd (s) deyib? İmam Əli (ə) buyurdu: -Bəli. İmam Əlinin (ə) bu gözəl əxlaqından təsirlənən xristian kişi kəlmeyi-şəhadətini deyərək müsəlman oldu. . 2- İmam Əli əleyhissalamın qadınlarla rəftarı . Cəmiyyətdə naməhrəm qadınlar və qızlarla qarşılaşmalar, beləliklə də onlarla ünsiyyətdə olmaq məcburiyyəti hər zaman kişilər üçün, xüsusilə də gənclər üçün ən çətin problemlərdən biri olmaqdadır. Qadınlarla rəftarın necəliyi ilə əlaqədar nümunə və ülgünün insanlara tanıtdırılmaması, qadın-kişi münasibətlərinin sərtləşməsi və yanlışı bəzi insanların əyrilik və pozuculuğa meyillənmələrinə, bəzilərinin isə qeyri-normal münasibət yaratmalarına səbəb olmuşdur. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki – İmam Əli (ə) gənc yaşlarında olarkən yaşlı qadınlarla rastlaşanda onlara salam vermiş, hal-əhvallarını soruşmuş, lakin gənc qızlarla belə rəftardan çəkinmiş və onların salamlarının cavabını almaqla kifayətlənmişdir. – Ehtiyaclı və yoxsul olan qadınlara, xüsusilə də dul qadınlara Allah rizası üçün yaxşılıqlar edər, bazardan onlar üçün ərzaq alıb evlərinə aparar, uşaqları sevindirərdi. Lakin bu münasibətlərin heç birində şeytanın (nəfsin) əlinə bəhanə verməzdi. Şeytan və nəfsin hiylələrindən, yəni yardım və yaxşılıqdan sui istifadə edərək tanışlıq, ünsiyyət qurmaq, tamah, cismi ləzzətlər kimi çirkin və iyrənc məqsədlərdən tamamilə uzaq idi. – Qadınlarla ehtiram və hörmətlə davranar, buyurardı: “Qadınlara yalnız alicənab insanlar hörmət edər, yalnız alçaq adamlar qadınları təhqir edərlər.” -Hər bir qadının qeyrətini çəkər, onların namusunu qorumağı özünə şərəf bilərdi. – Uzaqgörən və ağıllı qadınlarlın məsləhətlərini dinləyərdi. İnsanlara xitabən buyurardı: “Hər qadınla məsləhətləşməyin, yalnız təcrübəsi ilə dərin düşüncə və dərketməyə malik olduğunu göstərmiş qadınlarla məsləhətləşin.” . 3- İmam Əli əleyhissalamın xəstələr ilə rəftarı . İnsan elə bir varlıqdır ki, ictimai həyatdan başqa yol ilə ömür sürə bilməz. Təbiidir ki, ictimai həyatda insanların bir-birlərinin üzərində məsuliyyət və haqqları vardır. Bu qarşlıqlı məsuliyyyət və haqqlara riayət etmək ictimai ünsiyyət qaydaları və yaşayış ədəbləri adlanır. İctimai ünsiyyət qaydalarından biri də xəstələnmiş şəxslərə baş çəkməkdir. Tanıdığımız insan xəstələndikdə biz həmin şəxsə baş çəkməyi özümüzə borc bilirik. Xəstənin ziyarətinə getmək və ona baş çəkmək çox yaxşı işdir, lakin əgər xəstəyə baş çəkmək qaydalarına düzgün riayət etməsək bizim rəftarımız xoşagəlməz olacaqdır. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki: – Xəstənin görüşünə gedəndə onun sinəsi tərəfdə oturar xəstənin şəfası və sağalması üçün dua edərdi. – Xəstənin yaxınlarına tapşırardı ki, sədəqə verməklə xəstələrini sağaltsınlar. – Xəstəyə baş çəkməyin savab və mənəvi mükafatlarını camaata açıqlayar və onlara baş çəkməyi tövsiyə edərdi. – Tapşırardı ki, xəstənin yanında çox oturmasınlar. Buyurardı: “Xəstəyə baş çəkənlərdən ən çox savab ən az oturana verilər.” – Tapşırardı ki, xəstənin görüşünə cəm şəklində gedin, bu iş xəstənin ruhiyyəsinə çox müsbət təsir edir. Həmçinin, xəstə ilə görüş üçün münasib zaman seçin, ona hədiyyə (meyvə, şirniyyat və sair) aparın. Xəstə ilə görüşəndə ümidverici sözlər danışın. Xəstə ilə görüş zamanı şad və sevincli olun, müsbət və könül açan sözlərdən istifadə edin, onun xəstəliyinin qorxu və ziyanları barədə danışmayın… . 4- İmam Əli əleyhissalamın yetim uşaqlar ilə rəftarı . Yetim sözü ərəb dilindən tərcümədə tənha mənasınadır. Yetim o uşaqlara deyirlər ki, həddi buluğu çatmamışdan əvvəl atasız qalmışlar, yəni ataları vəfat etmişdir. İslam dini yetim üşaqlar üçün xüsusi haqqlar təyin etmiş və müsəlman cəmiyyətindən istəmişdir ki, o haqqlara düzgün riayət etməklə yetim uşaqlara atanın yoxluğunu unutdurub onların himayə və təlim-tərbiyəsini öz üzərlərinə götürməklə bu boşluğu doldursunlar. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki: – İmam Əli (ə) yetim uşaqlarla rastlaşanda o qədər təvazökar və mehriban olurdu ki, yetim uşağın yanında torpağın üzərində oturar, şəfqət əli ilə onun başını siğallayar, dərindən ah çəkərək buyurardı: “Yetim uşaqlara görə ah-nalə etdiyim kimi heç bir şeyə ah-nalə etməmişəm.” – İmam Əli (ə) yetimlərə qayğı ilə əlaqədar buyurur: الله الله في الأيتام فلا تغبوا أفواههم ولا يضيعوا بحضرتكم فقد سمعت رسول الله صلى الله عليه وآله يقول : ” من عال يتيما حتى يستغني أوجب الله عز وجل له بذلك الجنة كما أوجب لآكل مال اليتيم النار “Yetimlərlə əlaqədar Allahdan qorxun. Onları ac qalmağa və cəmiyyət içində zay olmağa qoymayın. Mən Allahın Rusulundan (s) eşitdim ki, buyurdu: -Yetim uşağı öz himayəsinə götürərək onu ehtiyacsız edən şəxsə onun bu xeyir işinin əvəzində Allah cənnəti həmin şəxsə vacib edər. Eləcə də yetimin malını (haqqını) yeyən şəxsə cəhənnəmi vacib edər.” əl-Kafi 7-ci cild 51-ci səhifə – İmam Əlinin (ə) xilafəti dövründə biri Həmədan o biri isə Həlvan şəhərlərindən olan iki nəfər Kufəyə bal və əncir gətirərək imam Əliyə (ə) təqdim etdilər. İmam Əli (ə) həmin an göstəriş verdi ki, yetim uşaqları çağırsınlar. Yetim uşaqlar gəldikdə İmam Əli (ə) tapşırdı ki, uşaqlar bal çəlləklərinin qapağını açsınlar, istədikləri qədər yesinlər. Sonra o balı müxtəlif qablara töküb camaat arasında böldü. Bəzi adamlar bu işə görə etiraz etdilər ki, nə üçün yetim uşaqlara bal çəlləklərinin ağzından yeməyə icazə verdiniz? İmam Əli əleyhissalam buyurdu: ان الامام ابوالیتامى و انما العقتهم هذا برعایة الاباء “İmam yetimlərin atasıdır, ona görə də ata olaraq övladlarına belə bir icazəni verməlidir ki, onlar yetimliklərini hiss etməsinlər.” Biharul ənvar 41-ci cild 123-cü səhifə – Bir çox insanlar yetim uşaqlara maddi yardımlar etməklə kifayətlənirlər. Lakin imam Əli əleyhissalam onların maddi ehtiyaclarını təmin etməkdən əlavə onların ruhi-mənəvi ehtiyaclarını da nəzərə alardı, təki yetim uşaqlar ruhları düyünlü və duyğulardan məhrum halda böyüməsinlər. İmam Əli (ə) uşaqları öz əli ilə yedizdirərdi, təki onlar atanın əlindən xörək yeməyin şirinliyini dadsınlar. – İmam Əli (ə) yetim uşaqları yanına çağırar, onlarla oynayardı. Dizlərini torpağa qoyub uşaqlar üçün qoyun səsini çıxararaq onları güldürərdi. Belə bir davranış tərzi atasını itirmiş uşaqların ruhiyyələrinə çox böyük təsirlər qoyur, təki onlar itkini hiss etməsinlər. Onlar da başqaları kimi şad və xürrəm böyüsünlər. Son: Bu yazdıqlarım bəşəriyyətin kamin insanlıq nümunəsi olan imam Əli əleyhissalamın həyat yolundan bir damla idi. Allah Taala bizləri o həzrətin yolunu getməyə çalışanlardan etsin və bizi bu yolda müvəffəq etsin.   RZA ƏZİZOĞLU İRƏVANİ  

1 2 3 4 5 6