Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Həsən (ə) 15.01.2025

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?! . Peyğəmbərin (s) düşmənləri tərəfindən imam Hüseynin (ə) Kərbəla hərəkatına qarşı yayılan azdırıcı şübhələrdən biri də o həzrətin qatillərinin şiələr olduğu ilə bağlıdır. Burada həmin şübhəyə qısa şəkildə cavab veririk. . 1- Bu şübhəni yayanlar “şiə” sözünün mənasından xəbərsizdir. . Birinci məsələ kimlərin “şiə” olması məsələsidir. Şiə, yəni “Allaha, Peyğəmbərə (s), Fatimeyi-Zəhraya (ə) və on iki İmama (ə) itaət edən şəxs.” Qurani-kərim Nisa surəsinin 54-cü ayəsində buyurur: أَمْ يحَسُدُونَ النَّاسَ عَلىَ‏ مَا ءَاتَئهُمُ اللَّهُ مِن فَضْلِهِ فَقَدْ ءَاتَيْنَا ءَالَ إِبْرَاهِيمَ الْكِتَابَ وَ الحْكْمَةَ وَ ءَاتَيْنَاهُم مُّلْكا عَظِيمًا “Bununla belə, onlar Allahın insanlara (Peyğəmbərə və əhli-beytə) Öz fəzlindən verdiyi şeylərə (üstünlüklərə) görə paxıllıq edirlər. Halbuki biz bundan əvvəl İbrahimin özladlarına da (İlahi) kitab, hikmət (risalət) vermişdik, eləcə də onlara əzəmətli mülk bəxş etmişdik.” Bu ayənin təfsiri ilə əlaqədar nəql edilmiş bir hədisdə imam Məhəmməd Baqir əleyhissalamdan bu ayə barəsində soruşulduqda o həzrət buyurur: “Bu ayədə barəsində paxıllıq edilənlər bizik… Kitab Qurani-kərim, hikmət isə risalətdir. Necə olur ki, insanlar Ali İbrahimi qəbul edir, ancaq Ali Muhəmmədi inkar edirlər?!… “Əzəmətli mülk” isə budur ki,Allah həzrət Muhəmmədin (s) nəslindən İmamlar qərar vermişdir. İmamlara itaət edən Allaha itaət edir, İmamlara asi olan (onlara qarşı çıxan) isə Allaha üsyan etmişdir.” Bax: əl-Burhan təfsiri 2-ci cild 93-cü səhifə. Bir şəxs əgər İmama tabe deyilsə, deməli o şiə deyil. Şiə, tabeçilik və itaətlə müşayiət olunun tərəfdarlıqdır. Necə ki, Qurani-kərim Saffat surəsinin 83-cü ayəsində buyurur: وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيمَ “Onun şiələrindən biri də İbrahim (peyğəmbər) idi.” Gördüyünüz kimi Qurani-kərim buyurur ki, həzrət İbrahim şiə idi. Qurani-kərimin zahirinə əsasən İbrahim həzrət Huh peyğımbərin şiəsi idi. Deməli, İmam Hüseyn əleyhissalamın qarşısında dayanıb onu öldürmək, qızlarını əsir götürmək, malik olduqları şeyləri qənimət kimi ələ keçirmək istəyənlər şiə ola bilməzlər. Şiə, imam Hüseyn əleyhissalamın yanında olanlardırlar, onun əleyhinə olanlar yox. . 2- İmam Hüseyn əleyhissalamın qatilləri və o həzrətin qarşısında durmuş Yezid ordusu Ali-Əbu Sufyanın (Müaviyənin nəslinin) şiələri idilər. . İmam Hüseyn əleyhissalam aşura günü üzünü otuz min nəfərlik düşmən ordusuna tutub fəryad edərək buyurur: فَصَاحَ‏ وَیْلَکُمْ یَا شِیعَةَ آلِ أَبِی سُفْیَانَ إِنْ لَمْ یَکُنْ لَکُمْ دِینٌ وَ کُنْتُمْ لَا تَخَافُونَ الْمَعَادَ فَکُونُوا أَحْرَاراً فِی دُنْیَاکُم‏ “Vay olsun sizə, ey Əbu-Sufyanın nəslinin şiələri! Əgər dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, elə isə dünyanızda azad (insan) olun.” Ləvaicul əşcan 185-ci səhifə . 3- Əhli sünnə yalnız İmam Hüseyn əleyhissalamın dostlarını şiə sayırlar. . Ömər Sədin qoşünunda olan Üzrə adlı şəxs Züheyr ibn Qini (imam Hüseyn əleyhissalamın dostunu) səsləyərək dedi: یا زهیر ما کنت عندنا من شیعه اهل هذا البیت انما کنت عثمانیا “… ey Züheyr, sən bizim yanımızda olduğun vaxtlar bu əhli-beytin şiəsi deyildin axı, sən osmanın (şiəsi) idin.” Tarixi Təbəri 4-cü cild 316-cı səhifə . 4- Kufədə şiələr azlıq təşkil edirdilər. . Kufə şəhəri heç də çoxlarının düşündüyü kimi şiə şəhəri deyildi. Tarixi sənədlərə əsasən Kufənin 150.000 –dən 200.000-ə qədər əhalisi vardı ki, onların 15.000 –i yaxud 20.000 –i şiə idi. İmam Həsən əleyhissalamın sülhündən sonra Müaviyə Kufəyə sahib olu və qisaslara başladı. Yüzlərə şiəni öldürdü, 5.000-ə yaxın şiə şəhərdən çıxıb başqa yerlərə üz tutdu. Bundan əlavə Kufənin valisi Ubeydullah ibn Ziyad şiələrin imam Hüseyn əleyhissalama kömək edəcəklərini düşünərək 4000-ə yaxın şiəni həbs edərək zindana salmışdı… Kufənin əhalisinin əksəriyyəti ikici xəlifənin tərəfdarları idi. Belə ki, əhli sünnənin dahi alimlərindən olmuş və Nəhcül-bəlağəyə şərh yazmış İbn Əbil Hədid yazır: “İmam Əli əleyhissalam Kufə əhalisinə Ramazan ayında təravih namazını fərdi şəkildə qıldıra bilmədi, onlara “Allahın Rəsulu (s) müstəhəbbi namazları camaatla qılmağı qadağan edib” deməsinə baxmayaraq, məsciddəki insanlar “təravih namazını camaatla qılmaq ikinci xəlifənin sünnəsidir” dedilər.” Şərhu nəhcul bəlağə 12-ci cild 283-cü səhifə . 5- Kufə qoşunundakıların çoxu Osmanın tərəfdarları idilər. . Məhərrəm ayının 7-si Yezidin ordusu İbn Ziyadın göstərişi ilə suyun (fərat çayının) qarşısını kəsəndə imam Hüseyn əleyhissalamın dostu Bureyr onlara dedi: و هذه ماء الفرات تقع فیه خنازیر السواد و کلابه قد حیل بینه و بین ابن رسول الله “… bu fərat çayından çirkli donuzlar və itlər asanlıqla su içirlər, halbuki siz bu çay ilə Allahın Peyğəmbərinin (s) övladı arasında maneə yaratmısınız.” Onlar Bureyrə dedilər: یا بریر قد اکثرت الکلام فاکفف والله لیعطش الحسین کما عطش من کان فیه یعنی عثمان “Ey Bureyr, nə çox danışdın, kəs səsini. And olsun Allaha, Hüseyn susuz qalacaq, necə ki, ondan əvvəlki, yəni Osman susuz qalmışdı.” . 6- Kufəlilərin imam Hüseyn əleyhissalama makrub yazmaqları onları şiəliklərinə dəlil deyil. . O məktubu yazanların biri Şəbəs ibn Rəbi idi. Ümumiyyətlə çoxları elə bilirdilər ki, imam Hüseyn əleyhissalam Kufəyə gəlib başçılıq edəcək və Yezidin hakimiyyətini devirib özü xəlifə olacaq. Ona görə də əvvəlcədən bunlar özlərini yaxşı etmək və gələcəkdə məqama sahib olmaq üçün imam Hüseyn əleyhissalama məktub yazdılar. . 7- İndiyə qədər heç bir tarix kitabı Yezidin ordusunun sərkərdə və komandirlərindən kiminsə şiə olduğunu yazmayıb. . İbn Ziyad, Ömər Səd, Şəbəs ibn Rəbi, Həsin ibn Nəmir, Şimr ibn Zillcövşən və sair sərkərdə və komandirlərin heç birini şiəliyə nisbət verən olmayıb. Heç bir sənəddə bunları hansınasa şiə ya rafizi deyə yazılmış bir şey yoxdur. Şiə sözünün xüsusi mənası, yəni həqiqi şiə Əhli-beyti (ə) sevmək və onların düşmənləri ilə düşmənçilik etməkdir. İmam Əli ən-Nəqi əleyhissalamdan nəql edilmiş “Camieyi-Kəbirə” ziyarətnaməsində oxuyuruq: انی محقق لما حققتم و مبطل لما ابطلتم “Sizin haqq saydıqlarınızı mən də haqq sayıram, sizin batil hesab etdiklərinizi mən də batil hesab edirəm.” Belə bir əqidəyə malik olan şəxs Ömər Sədin qoşununda olmayıb. Şiə sözünün ümumi mənada izahı isə budur: “Onlar Əhli-beyti sevir, amma əhli-beytin (ə) düşmənlərini də ya sevir ya da sevməsə də düşmən də deyillər.” Hətta nə qədər qeyri-müsəlmanlar var ki, əhli- beytin (ə) aşiqi olmuşlar, amma əhli-beytə (ə) itaət etməyiblər, onların imamətini qəbul etməyiblər və onların düşmənləri ilə düşmənçilik etməyiblər.   Rza Əzizoğlu İrəvani

İmam Həsən (ə) 15.01.2025

İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər

Hər bir şəxsin insanlığının göstəricisi onun elmi, məqamı və sərvəti deyil, əksinə gözəl əxlaqı və mərifətidir. Ona görə də əxlaqi dəyərlərə yiyələnmək hər şeydən mühümdür, çünki bəşər cəmiyyətinin ən çox ehtiyaclı olduğu mövzu gözəl əxlaqdır. Ona görədir ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz İlahi rəsalətinin (insanları hidayət etmək missiyasının) əsasının əxlaqi kəramətlərin, yəni gözəl əxlaqi xasiyyətlərin tamamlanmasından ibarət olduğunu bildirib. Peyğəmbərimizin (s) müqəddəs yolunun davamçıları olan ismət və paklıq rəmzi Əhli-beyt (onların hamısına Allahın salamı olsun) gözəl əxlaqi sifətlərə yiyələnmiş, üstəlik əxlaqı insanlar arasında yaymaq üçün Allah tərəfindən vəzifələnmişlər. Onlar insanları dəvət etdikləri bütün gözəl sifət və xüsusiyyətlərə malik olduqları üçün insanlara daha çox təsir edə bilmiş, insanlar tərəfindən sevilmişlər. Dövrümüzdə bir çox insanları görürük ki, özləri malik olmadıqları əxlaq və ədəbi başqalarına öyrətmək əzmindədirlər. İmam Həsən Müctəba əleyhissalam da İlahi nümunələrdən biridir. O həzrət bütün sahələrdə, xüsusilə də böyük əxlaqa və ən gözəl əxlaqi-mənəvi sifətlərə sahib olmuşdur. O həzrətin həyatını araşdırdıqda görürük ki, imam Həsənin (ə) həyat üslubu və davranış tərzi bütün gözəl əxlaqi dəyərlərin təzahürüdür. Əxlaqi dəyər və fəzilətlərin əhatəsi çox genişdir, əgər ədəbləri də üzə çıxarsaq onları sayıb qurtara bilmərik. Bununla belə əxlaqi xüsusiyyətlərin bəziləri başqalarından daha mühüm, başqa sözlə bütün əxlaqi fəzilətlərin anası və əsasıdır. İmam Həsən əleyhissalam əxlaqi kəramətlərin əsasının 10 sifət olduğunu bildirir, belə ki, bu 10 əxlaqi üstünlüklərə yiyələnən insanı əxlaqlı insan adlandrmaq olar. Bu 10 xasiyyət hər bir şəxsin qəlbinə hopmalı, onun canında xasiyyət və təbiətinə çevrilməlidir. Hərçənd bu 10 xasiyyəyin hər birinə yiyələnmək özü bir hünər və dəyərdir. İnsanı kamil əxlaqlı şəxs kimi tanıtdıra biləcək xüsusiyyətlər bu 10 əxlaqi sifətlərin toplusudur. İmam Həsənin (ə) əxlaq dairəsində qeyd etdiyi 10 üsul əsasən ictimai davranış məsələlərinə aid olan işlərdəndir. İndi isə həmin hədisə nəzər salaq; İmam Həsən Müctəba əleyhissalam buyurur: مكارم الأخلاق عشر : صدق اللسان و صدق الباس و اعطاء السائل و حسن الخلق و المكافاة بالصنائع و صلة الرحم و و التذمم على الجار و معرفة الحق للصاحب و قرى الضيف و رأسهن الحياء “Ən gözəl əxlaq ondur: Düz danışmaq, düzlük, ehtiyaclıya yardım etmək, xoş xasiyyət, yaxşı işlərə görə mükafatlandırmaq, sileyi-rəhm, qonşunu himayə etmək, dost üçün haqqı tanımaq, qonaqpərvərlik və bunların hamısının başı olan Həya. Tarixi Yəqubi 2-ci cild 157-ci səhifə . Hədisin şərhi: 1- Düz danışmaq. Hər bir insan əgər düz danışmağın möcüzəvi təsirlərini görərsə “düz danışmaq” xüsusiyyətinin vurğunu olacaq, düz danışmağı özünün həyat proqramının ayrılmaz bir hissəsi biləcəkdir. Düz danışmağın insana bəxş etdiyi birinci təsir və fayda ictimai həmkarlıqlarda, ümumiyyətlə cəmiyyət içində insanların etimad və inamını qazanmaqdır. İnsanın ictimai varlıq olduğunu və onun tək yaşamasının mümkünsüzlüyünü, həmçinin insanlarla ünsiyyətə ehtiyaclı olduğunu nəzərə aldıqda insanların inam və etimadlarını qazana bilməyin nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Bu inamı qazanmağın yolu isə “düz danışmaq” xüsusiyyətidir. . 2- Çətinlik və çarəsizlik zamanı düzlük Təbiidir ki, əmin-amanlıq və qüdrətə malik olan insan düzlük və sədaqətə meyilli olur, əyrilik və yalançılıqdan çəkinir. Düzlük və mərdlik həmin insanda o zaman əxlaqi xüsusiyyətdən olar ki, çətinlik, çarəsizlik və sıxıntı zamanı da düzlüyünü qoruya bilsin. Bir çox insanlar çətinlik zamanında, məsələn, cəzadan yayınmaq üçün, ya özünü müdafiə edə bilməyəndə, ya layiq olmadığı mənfəət və qazancı əldə etmək üçün əyrilik və yalana əl atırlar. Deməli, insanın düzlük və sədaqətinin göstəricisi onun çətinlik və çarəsizlik zamanındakı mövqeyi zamanı bəlli olur. . 3- Ehtiyaclı insana yardım etmək Qurani-kərim Məaric surəsinin 24 və 25-ci ayələrində buyurur: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır. Dil ilə istəyən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün.” Tarix boyu insanların icra etməkdə çətinlik çəkdikləri mövzu ehtiyaclı insanlara yardım etmək olmuşdur. Xüsusilə də insan qarşı tərəfin (ehtiyaclı insanın) şəxsi vəziyyətindən xəbərsiz olduğu zaman həmin şəxsə yardım etməyə daha çox çətinlik çəkir. Şeytan müxtəlif vəsvəsələri onun qəlbində və zehnində dolandıraraq ehtiyaclı insanlara əl tutmamağa vadar edir. İmam Həsənin (ə) bu hədisində “Ehtiyaclı insana yardım etmək” əxlaqi xüsusiyyətdən sayılır, çünki ehtiyaclı insanın özü hansı vəziyyətə malik olmasının aşkar dəlilidir. Ehtiyaclı insanın öz yoxsulluğuna etiraf etməsi, xüsusilə də o, imanlı və əxlaqlı olduğu zaman, ona yardım etmək böyük hünər və fəzilətdir. Əlbəttə, insanlar həmişə iman və əxlaqa malik olan ehtiyaclı insanları tanımalı, onlara yardımlarını əsirgəməməlidirlər. . 4- Xoş rəftar Əxlaqın ən bəlkə də ən çox cilvələndiricisi xoş üzlü və xoş xasiyyətli olmaqdır. Xoş xasiyyətli insan başqalarının malına və sərvətinə şərikdir. Çünki başqalarını özünə cəlb etdirmək və onların sevgisini qazanmağın ən yaxşı yolu xoş xasiyyətli olmaqdır. . 5- Görülən işləri mükafatlandırmaq Hər bir şəxs etdiyi yaxşı işlərə görə başqaları tərəfindən təşviq olunmasını və mükafatlandırılmasını istəyir. Başqalarının yaxşı işlərini dəyərləndirmək və onlara əhəmiyyət vermək gözəl əxlaqi xüsusiyyətlərdən sayılır. İnsan başqalarının yaxşı işlərini, hətta o işlər kiçik olsalar belə, dəyərsiz cilvələndirə bilməz, ən azı dili ilə onu mükafatlandırmalı, yəni alqışlamalıdır. Bu məsələ təkcə insanın özü üçün edilən yaxşı işlərlə məhdudlaşmır, üstəlik cəmiyyətdə hər bir kəsin başqaları üçün etdiyi yaxşı işlər hamı tərəfindən qiymətləndirilməlidir. Bu gözəl əxlaqi sifətin əsası Allaha məxsusdur. Belə ki, Allah Taala insanların yaxşı işlərinə görə onlara çoxlu mükafatlar verir, halbuki insanların yaxşı işlərinin Allaha zərrə qədər xeyiri yoxdur. . 6- Sileyi-rəhm, qohumlarla əlaqə və ünsiyyət Sileyi rəhm, yəni qohumlar və yaxınlarla əlaqə və ünsiyyət ən üstün əxlaqi dəyərlərdəndir, amma sileyi-rəhm təkcə əxlaqi məsələlərdə məhdudlaşmır, çünki iman qohumluğu və əqidə qardaşlığı bir çox cəhətdən qan qohumluğundan daha güclüdür. Ümməti yaradan qan və soy deyil, əqidə və etiqaddır. Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır. . 7- Qonşunu himayə etmək İnsanın ən çox ünsiyyətdə olduğu şəxslərdən biri də onun qonşularıdır. Odur ki, qonşuluq haqql İslamın ən çox önəm verdiyi haqlardandır. Qonşünü himayə etmək, yəni qonşuya havadarlıq və qayğı göstərmək ən gözəl əxlaqi xüsusiyyətlərdəndir. Əxlaq insandan tələb edir ki, qonşunu hər bir cəhətdən –can, mal, abır və ilaxır- himayə etsin, qonşuya qarşı zülm və haqsızlığa imkan verməsin, onu müdafiə etsin. Axirətə qalan həmin işlərdir. . 8- Dostu ilə əlaqədar olan haqqı tanımaq Dost o şəxsdir ki, insana rahatlıq və dinclik bəxş etsin, ona cənnət və cəhənnəmi tanıtdırsın. Çünki dostlar qarşılıqlı təsirlərə malikdirlər, onların arasında əqidə, rəftar və xasiyyət cəhətindən uyğunluq yaranır. İmam Həsən əleyhissalam başqa bir hədisdə dostun haqqını öz övladına açıqlayarkən buyurur: “Oğlum, bir nəfərlə dostluq etmək istədikdə əvvəlcə onun haralara get-gəl etdiyini öyrən, onun halından yaxşı xəbərdar olduqdan sonra onun yaşayış tərzini (ünsiyyətini) bəyənsən, onunla dostluq et. Bir şərtlə ki, onunla ünsiyyətdə onun xatalarına göz yum və çətinliklər zamanı onun yanında ol.” . 9- Qonaqcıl və qonaqsevənlik Qonağı sevmək, qonağa hörmət etmək ən böyük əxlaqi dəyərlərdən olmaqdan əlavə, bütün xalqların qəbul etdiyi və tanıdığı bir dəyərdir. Şükür Allaha ki, xalqımız tarix boyu bütün dünyada qonaqpərvərliyi və qonaqsevərliyi ilə tanınmışdər. Hətta sevimli Peyğəmbərimizin (s) və məsum İmamların (ə) övladları və əqrəbası öz ölkələrində təzyiqdə olduğu zamanlarda Azərbaycana pənah gətirmişlər. . 10- Bunların hamısının başı (əsası) olan Həya İmam Həsənin (ə) həyanı bütün əxlaqi işlərin başı adlandırması ona görədir ki, həya həqiqətdə ağıl və dinin həmişəlik və ayrılmaz yoldaşıdır. Yəni həyası olmayanın dini və ağılı da yoxdur. Dini və ağılı olan şəxsin həyası da vardır. RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Həsən (ə) 01.01.2025

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Həsən əleyhissəlamın həyatı barədə qısa mə’lumat Əli əleyhissəlamın Peyğəmbərin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Zəhra (səlamullahi əleyha) ilə evlənməsinin ilk meyvəsi, şiələrin ikinci İmamı Həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.1 İmam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki İmam Həsən (əleyhissəlam) təxminən yeddi yaşında olarkən Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara İmamlıq (başçılıq) etmiş və nəhayət hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənmiş və şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır. Məzlumların köməkçisi İslam dinində (İslam nöqteyi-nəzərindən) varlı və imkanlı şəxslər kasıb və imkansız şəxslərə qarşı böyük məs’uliyyət daşıyırlar. Dərin mə’nəvi əhdlər və müsəlmanlar arasında bərqərar olmuş dini qardaşlıqlara əsasən, varlılar kasıbların ehtiyaclarını mümkün qədər tə’min etməyə çalışmalıdırlar. İslam peyğəmbəri və dini rəhbərlər (İmamlar) bu barədə nə təkcə sifarişlər etmiş, hətta hərə öz zamanında insansevərliyin və zəifpərvərliyin bir nümunəsi olmuşlar. İkinci İmam elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi, məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu dərdli ürəklərin, fağır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Belə ki, bir kasıb belə onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bə’zi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət təri tökməyə, utanmağa icazə verməzdi. Süyuti öz kitabında yazır:«Həsən ibn Əli (əleyhissəlam) bir çox əxlaqi dəyərlər və insani fəzilətlərə malik idi. O, alicənab, səbirli, vüqarlı, mətin, səxavətli və camaatın hörmət bəslədiyi (rəğbətini qazanmış) bir şəxsiyyət idi.»1 İbrətamiz incəlik İmam Həsən (əleyhissəlam) bə’zi vaxtlar ehtiyacı olan şəxslərə külli miqdarda pul bağışlayardı. Belə ki, bu miqdar pulu bir yerdə bağışlamaq camaatı heyran qoyardı. İmam əleyhissəlamın bu cür külli miqdarda pulu bir dəfəyə bağışlamasının bir incəliyi o idi ki, İmam (əleyhissəlam) ehtiyacı olan şəxsi bir dəfəlik ehtiyacsız edərdi. İmkansız şəxs bu pulla bütün ehtiyaclarını ödəyər və bundan sonra da ehtiyacsız yaşaya bilərdi. Həmçinin, bu pulla əlinə sərmayə də gətirə bilərdi. İmam Həsən (əleyhissəlam) kasıba onun bir günlük ehtiyaclarını ödəyən miqdarda pul verməyi rəva görmürdü. Belə olan halda, həmin şəxs məcbur olub gündəlik yeməyi üçün ona-buna əl uzatmalı idi. Bu səbəbə görə də Həzrət Həsən (əleyhissəlam) kasıba çoxlu pul verərdi. Elm və fəzilət ailəsi Bir gün Osman məscidin kənarında oturmuşdu. Kasıb bir kişi ondan kömək istədi. Osman çıxarıb ona bir dirhəm pul verdi. Kişi Osmana dedi: “Məni elə bir adamın yanına göndər ki, mənə bir az çox kömək etsin.” Osman məscidin bir küncündə əyləşmiş İmam Həsən (əleyhissəlam) və Abdullah ibn Cə’fərə tərəf işarə edib kişiyə dedi ki, orada oturmuş cavanların yanına get və onlardan kömək istə. Kişi onların yanına gəlib kömək istədi. İmam Həsən (əleyhissəlam) buyurdu: “Ancaq üç halda başqalarından maddi kömək istəmək olar: Boynunda diyə (qan bahası) olub onu ödəyə bilmədikdə; külli miqdarda borclu olub qaytarmaq iqtidarında olmadıqda və ehtiyac içində olub əli heç bir yerə çatmadıqda. İndi bu üç şeyin hansı biri sənə üz vermişdir?” Kişi cavab verdi ki, mənə də məhz bu üç şeydən biri üz verib. İmam Həsən (əleyhissəlam) çıxarıb əlli dinar (bir dinar on dirhəmə bərabərdir) pul kişiyə verdi. Bunu görən İmam Hüseyn (əleyhissəlam) da qırx doqquz dinar, daha sonra Abdullah ibn Cə’fər qırx səkkiz dinar kişiyə verdilər. Kasıb kişi qayıdarkən Osmanın yanından keçirdi. Osman kişiyə dedi: “Nə oldu?” Kişi cavab verdi ki, səndən pul istədim verdin, ancaq heç soruşmadın pulu nəyə görə istəyirəm. Ancaq o üç nəfərin yanına gedəndə, onlardan biri (İmam Həsən (əleyhissəlam)) istəyimin səbəbini soruşdu. Mən də cavab verdim. Sonra onların hərəsi mənə bu qədər pul verdi. Osman dedi: “Bu ailə elm, hikmət çeşməsi, fəzilət və yaxşılıq mənbəyidir. Onlar kimisini nə vaxt tapa bilərsən?[1] ” Misilsiz bəxşiş İmam Həsən (əleyhissəlam) bütün qüdrətini yaxşı və Allah bəyənən yollarda sərf edər, Allah yolunda çoxlu miqdarda pul bəxşiş edərdi. Tarixçilər və alimlər o Həzrətin şərəfli həyatı haqqında misilsiz bir bəxşiş qeyd etmişlər ki, bu da heç bir rəhbərin həyatında gözə dəymir. İmamın bu hərəkəti o Həzrətin əliaçıqlığından əlavə onun dünyanın aldadıcı naz-ne’mətinə olan e’tinasızlığını da göstərir. Tarixçilər yazırlar: «İmam Həsən Müctəba (əleyhissəlam) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.»[2] 1 Mənaqibi-Ali-Əbutalib (İbn Şəhr Aşub) c.4, səh.28; İrşadi-Şeyx Müfid, səh.187. 1 Tarixül-xüləfa (Süyuti), səh.189. [1] Biharül-ənvar, c.43, səh.333. [2] Tarixül xüləfa. səh.190; Tarixi-Yə’qubi, c.2, səh.215; Təzkirətül-xəvas səh.196.

İmam Həsən (ə) 13.12.2024

İmam Həsənin (ə) həyatı ilə qısa tanışlıq

Mübarək Ramazan ayının 15 -ci günü İmamət (ə) səmasının ikinci ulduzu həzrət İmam Həsən Müctəbanın (ə) mübarək doğum günü münasibətilə bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik. İmam Həsənin (ə) həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İslam Peyğəmbərinin (s) əziz qızı xanım Fatimeyi-Zəhranın (s) və imam Əlinin (ə) ilk meyvəsi, şiələrin ikinci imamı Həsən Müctəba (ə) hicrətin 3-cü ili, Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya gəlmişdir. Peyğəmbər (s) nəvəsinin dünyaya gəlişindən sonra, onu qucağına alıb sağ qulağına “azan” və sol qulağına “iqamə” dedi, onun dünyaya gəlişi münasibətilə bir qoyun qurbanlıq etdi və adını Həsən qoydu. O vaxa qədər kiməsə Həsən adı qoyulmamışdı. İmam Həsən (ə) təxminən yeddi yaşında ikən Peyğəmbər (s) dünyadan köçdü. Peyğəmbərdən (s) sonra, təxminən, otuz il atası imam Əli (ə) ilə birgə oldu. Atasının şəhadətindən sonra (hicrətin 40-cı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq etdi və nəhayət, hicrətin 50-ci ilində Müaviyənin hiyləsi ilə qırx səkkiz yaşında zəhərlənərək şəhadətə yetdi. Müqəddəs məzarı Mədinə şəhərinin “Bəqi” qəbiristanlığında yerləşir. Bəli, imam Həsən (ə) Rəsulullah (s) kimi böyük bir peyğəmbərin, imam Əli (ə) və xanım Zəhra (ə) kimi ata və ananın qucağında böyümüşdü. Peyğəmbər (s) imam Həsənə (ə) və qardaşı imam Hüseynə (ə) “Oğlum!” – deyə xitab edir və gələcəkdə Əhli-beytin əleyhinə xilafəti ələ keçirməklə bağlı təbliğat apara bilən siyasətçilərin, Əməvilər və Abbasilərin Əmirəlmöminin Əli (ə), imam Həsən (ə) və imam Hüseynin (ə) Peyğəmbərə (s) çatan ruhi və qohumluq əlaqələrini zədələyə və Əhli-beytin sevgisini xalqın ürəyindən çıxara bilməmələri üçün bu məsələyə çox israr edir və onu açıq-aşkar vurğulayırdı. “Mübahilə” ayəsində (“Ali-İmran” surəsi, ayə 61) “oğullarımız” təbirinin imam Həsən (ə) və qardaşı imam Hüseyn (ə) barəsində işlədilməsi də onlar üçün əbədi bir iftixar, zati paklıq və müqəddəsliklərini göstərən aydın bir sənəddir. “Təthir” ayəsinin onların (Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn əleyhimus-salam) məqamı haqda nazil olması bu məsələyə daha çox təkid edir. (“Ət-təbəqatul-kubra”, İbn Səd, s.167.) Ənəs ibn Malikin də nəql etdiyi kimi, Əhli-beyt üzvləri içərisində imam Həsən (ə) qədər Rəsulullaha (s) bənzəyən bir şəxs yox idi. Rəsulullah (s) ən gözəl təbirlərlə onu mədh edir və elə üstün tuturdu ki, Əhli-beytin düşmənləri belə, sonralar Rəsulullahın (s) onunla necə davrandığını xatırladıqda, istər-istəməz o həzrətə qarşı ehtiram bəsləyir və qarşısında hörmətlə dayanırdılar. Ümeyr ibn İshaq deyir: “Əbu Hüreyrənin imam Həsən ibn Əli (ə) ilə qarşılaşaraq belə dediyini gördüm: “Köynəyini qaldır ki, Rəsulullahın (s) öpdüyü yeri mən də öpüm…” (“Əl-müsnəd”, Əhməd ibn Hənbəl, c.2, s.427.) Rəsulullah (s) imam Həsən (ə) və imam Hüseyn (ə) haqqında buyurur: “Həsən (ə) və Hüseyn (ə) istər qiyam, istərsə də, (bəzi maneə və məsləhətlər üzündən) sükut etsinlər, hər iki halda imamdırlar.” “Həsən və Hüseyn cənnət gənclərinin sərvəridirlər.” (“Əl-irsad”, Şeyx Müfid, s. 220.) Əmirəlmömininin Əlinin (ə) şəhadətindən sonra imam Həsən (ə) minbərdə danışaraq camaatı onunla beyətə təşviq etdikdə, “Əzd” qəbiləsindən bir nəfər fəryad edərək dedi: “Rəsulullahın (s) Həsən ibn Əlini (ə) yanında əyləşdirib belə buyurduğunu eşitdim: “Məni sevən hər kəs Həsəni də sevsin və bunu eşidənlər eşitməyənlərə çatdırsınlar.” (“Ət-tarixul-kəbir”, Buxari, c. 3, s. 428.)

1 2