Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Muhəmməd Baqir (ə) 12.02.2025

İmam Baqirin (ə) həyatına qısa bir baxış

Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.) Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur.

İmam Muhəmməd Baqir (ə) 03.02.2025

İmam Muhəmməd Baqirin (ə) həyatına qısa bir baxış

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.) Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur. O həzrət “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbi ilə məşhurdur. Bu ləqəbin izahında Cabir ibn Yezid Cöfi belə demişdir: “O həzrət elmin incəliklərinə toxunaraq onun sirr və incəliklərinə aydınlıq gətirirdi.” Yəqubi yazır: “Elmin dərinliyinə vardığından o həzrəti “Baqir” adlandırmışlar.” İbn Mənzur yazır: “Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli (ə) elmi yardığı, onun əsaslarını bildiyi və onun kökünü budaqlarından ayırmaq qabiliyyətinə sahib olduğu üçün “Baqir” adlandırılmışdır. (“Lisanul-ərəb”, “Baqir” sözünün izahında.) Cabir ibn Abdullah Ənsari deyir: “Bir gün Rəsulullah (s) mənə buyurdu: Sən məndən sonra bir müddət yaşayacaq, adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!” Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: “Ey Baqir! Ey Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” – deyirdi. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.) Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu. İMAM BAQİRİN (Ə) ƏXLAQI İmam Baqir (ə) kamillik pillələrini fəth etməsi və yüksək əxlaqi səciyyələrə malik olması ilə bəşəriyyət tarixində təkrarolunmaz bir şəxsiyyətdir: 1. O həzrətin əxlaqi keyfiyyətlərindən biri uşaqlıq çağlarından gördüyü çətin və böyük hadisələr müqabilində səbirli, dözümlü olması idi. O həzrət Kərbəlada cənnət gənclərinin sərvəri imam Hüseynin (ə), onun əhli-əyalının və qəhrəman səhabələrinin qətlə yetirildiyini görmüş, Əhli-beytin (ə) çəkdiyi müsibət və bəlaların şahidi olmuşdur. Buna görə də, o həzrət həmin müsibətləri və Kərbəla faciəsini təfərrüatı ilə rəvayət edənlərdən biridir. 2. Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər və onları sevindirərdi. İbn Səbbağ deyir: “İmam Baqir (ə) elm, fəzilət, rəyasət və imamlığı ilə bərabər, şiə və sünnilərin nəzərində səxavətli olması ilə yad edilmiş, ailə üzvlərinin çox və imkanının ortasəviyyəli olmasına baxmayaraq, fəzilət, ehsan və yaxşılıqda şöhrət qazanmışdı.” (“Sifatus-səfvə”, 2-ci cild, səh.62.) 3. İmam Baqirin (ə) gözəl əxlaqi nümunələrindən biri də yoxsullara böyük ehtiram və qayğı göstərməsi idi. O həzrət öz əhli-əyalına tapşırmışdı ki, evə bir dilənçi gəldikdə, ona “ey dilənçi, bunu götür” deməsin. Desin ki, “Ey Allahın bəndəsi, bu, sənin üçün hazırlanıb.” O həzrət buyurub: “Yoxsulları gözəl sözlərlə çağırın.” İmam Baqir (ə) Mədinə yoxsullarına həmişə kömək edər və onlara sədəqə verərdi. O həzrət hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı: “Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.” (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.) 4. İmam Baqir (ə) yalnız Allah-Taalaya ümid bəsləyər, yalnız Ona təvəkkül edər və layiqincə ibadət edərdi. Namaza durduğu zaman Onun xofundan rəngi saralardı. O həzrətin qulamı Əfləh deyir: “Mən imam Baqirlə (ə) birlikdə həcc ziyarətinə getmişdim. Həzrət (ə) məscidə daxil olarkən hönkürtü ilə ağlamağa başladı. Mən dedim: “Atam-anam sənə fəda olsun, insanlar sənə baxırlar. Bəlkə səsini bir az azaldasan?” İmam (ə) mənə buyurdu: “Ey Əfləh! Mən ona görə hönkürtü ilə ağlayıram ki, Allah-Taala mərhəmət nəzəri ilə mənə baxsın və bununla sabah (qiyamətdə) nicat tapanlardan olum.” Bundan sonra İmam (ə) Kəbəni təvaf edib, “məqam” arxasında namaz qıldı. Namazı qurtardıqda, səcdə etdiyi yer göz yaşları ilə islanmışdı.” (Nurul-əbsar”, səh.130.)

İmam Muhəmməd Baqir (ə) 25.01.2025

İmam Məhəmməd Baqirin (ə) şəhadətindən sonra ağır imamət yükü həzrət imam Sadiqin (ə) üzərinə düşdü

O həzrətin imamət dövrü İslam dünyasının siyasi, ictimai cəhətdən ən keşməkeşli və ağır dövrünə təsadüf etdi. 1. İmam Sadiq (ə) iki nəsil xəlifələri: Mərvanilər və Abbasilərdən olan, İslama, xüsusən də şiələrə zülm etməkdə bir-birləri ilə yarışan on iki zalım xəlifə ilə üzləşdi. 2. İslam dininin müsəlmanları elm və biliyə təşviqi, İslam hökumətində fikir və əqidə azadlığı nəticəsində müsəlmanlar İslam elmlərini öyrənməkdən əlavə, fəlsəfə, nücum, riyaziyyat və s. elmləri də öyrənir. Amma bu elmləri öyrədənlərin çoxu qeyri-müsəlman olduğu üçün bu elmlər İslama varid olmaqla yanaşı, özü ilə çoxlu şübhələr də gətirdi. 3. Özlərini Peyğəmbər (s) canişini adlandıraraq xilafəti qəsb edənlər öz qeyri-şəri, qeyri-əxlaqi, qeyri-insani əməllərini, amansız zülmlərini, törətdikləri cinayətləri ört-basdır etmək, camaatın fikrini yayındırmaq və başlarını özlərinə qatmaq üçün xalq arasında puç, yanlış və əssasız əqidələr yayırdılar, bununla da əhli-beytdən (ə) uzaq düşmüş müsəlmanlar arasında müxtəlif firqələr yaranır və bu firqələrin bəziləri siyasi məqsədlər güdürdülər. İmam Sadiqin (ə) siyasi həyatına nəzər saldıqda aydın olur ki, o həzrət İslama daxil olan şübhələrə, Allah dini ilə uyğun olmayan əqidələrə cavab vermək və həqiqi dini üzə çıxarmaq üçün yaranmış fürsətdən yetərincə istifadə edə bilmişdir. O, elmi mərkəz təsis edərək dünyanın hər tərəfindən axışıb gələn elm təşnələrini müxtəlif elmlərdə təlimləndirməklə kifayətlənməmiş, siyasi meydanda da lazımi addımlar atmış, öz ilahi siyasəti ilə Peyğəmbərdən (ə) sonra ağır təzyiqlərə, əzab-əziyyətlərə məruz qalmış, müaviyyələr, yezidlər, həccaclar və s. görmüş şiələri bu siyasi qarşıqlıqda qorumağa, siyasi oyunların qurbanı olmamağa, firqələrə bölünməklərinin qarşısını almağa, möhkəmləndirməyə çalışmışdır. Həmin dövrdə şiələrin vəziyyətini imam Məhəmməd Baqirin (ə) dilindən eşitdikdə imam Sadiqin (ə) qarşısında hansı ağır vəzifələrin dayandığı və bu vəziyyətdən çıxmaq üçün o dövrün siyasi durumunu nəzərə alaraq imam Sadiqin (ə) yeritdiyi siyasi tədbirin necə də yerində olduğu aydınlaşır. İmam Məhəmməd Baqir (ə) buyurur: “İmam Həsənin (ə) şəhadətindən sonra şiələrin vəziyyəti və onların didərginliyi olduqca acınacaqlı halda idi. Müaviyyənin pis və sərt rəftarı öz həddini aşmışdı. Şiələr hər tərəfdə öldürülür, güman əsasında ayaqlar kəsilirdi. Bizimlə əlaqə saxlayanların ən yüngül cəzası onların var-yoxunun talanması, evlərinin viran olunması idi… Sonra Həccac qüdrət sahibi oldu. O, şiələri ən pis şəkildə qətliam edir, güman və böhtan əsasında onları həbs edirdi. Onun zamanında təzyiqlər elə bir həddə çatmışdı ki, camaat onlara zındıq və kafir deyilməsinə razı idi, amma Əli (ə) şiəsi deyilməsinə yox.” İmam Sadiqin (ə) siyasi fəaliyyətlərindən nümünələr 1. İmamətin təblği Artıq İslamın əhatəsi Ərəbistan yarmadasını adlamış, müxtəlif qonşu ölkələrə yayılmışdı. İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular. Amma Peyğəmbərin (s) vəfatından yarım əsr keçməsinə baxmayaraq, o həzrətin yerində oturan canişinlərin İslamdan bəhrələnmədiklərini, Qüran göstərişlərinə və Peyğəmbər (s) sünnəsinə əməl etməmələrini, bərabərlikdən, ədalətdən və s. yalnız ad qaldığını görən, İslamdan hələ də dəqiq məlumatları olmayan müsəlmanların yavaş-yavaş etiraz səsləri ucalır. Onlar İslama şübhə ilə baxmağa, onun Allahın göndərdiyi din yox, istismar üçün yeni qurğu olduğunu düşünmyə və İslam ilə qarşılaşmağa başlamışdılar. Bu zaman imam Sadiq (ə) İslamın ümumi mənafeini nəzərə alaraq, İslamın həqiqi bir din olmasını, lakin onun İslam düşmənlərinin əlinə düşməsini anlatmaq, yavaş-yavaş ucalan etiraz səslərini İslama yox, İslam xilafətini qəsb edənlərə yönəltmək üçün öz imamətini təbliğçilər vasitəsilə İslam hökumətinin hər tərəfinə yayırdı. Əlbəttə, bəziləri imamı (ə) qəbul edir və imamın (ə) itaətində olduqlarını bildirir, bəziləri ehtiyat edir, bəziləri isə heç cür qəbul etmirdilər. İmamətin həm İslam mərkəzində, həm də mərkəzdən xaricdə təbliği, imamın (ə) siyasi fəaliyyətinin genişliyindən xəbər verir. 2. İmam Sadiqin (ə) dönəmində iki böyük silahlı qiyamın baş verməsi və o həzrətin bu qiyamlara münasibəti Imam Sadiqin (ə) imaməti dövründə Mərvanilərə qarşı olan Zeyd ibn Əlinin (ə) və Abbasilərin iki böyük qiyamları baş verdi. Amma bu qiyamların heç birində bir siyasi rəhbər kimi imamın (ə) iştirakı gözə dəymir. Görəsən imam (ə) nə üçün bu fürsətləri əldən vermiş və hakimiyyəti öz əlinə almağa çalışmamışdır? Zeydin qiyamı Əməvilərin və Mərvanilərin davamlı zülmünə dözməyib hökumətə qarşı qiyama qalxmış Zeydin qiyamını tədqiq edən hər kəs, bu qiyamın həqiqətdə imam Sadiqin (ə) icazəsi ilə olduğunu görər. Çünki, imam Sadiqi (ə) özünə imam bilən və qalib gələcəyi təqdirdə hökuməti o həzrətə verəcəyini düşünən Zeyd kimi təqvalı bir alimin, imamın (ə) icazəsi olmadan qiyama başlaması mümkün deyil. İmam Rizadan (ə) gəlib çatan bir hədisdə oxuyuruq: “…Zeyd, imamın (ə) xidmətiindən getdi. İmam (ə) o vaxt buyurdu: Vay olsun o kəsin halına ki, onun (Zeydin) çağırışını eşidə, amma ona köməyə tələsməyə.” İmam Sadiqdən (ə) Zeyd barədə nəql olan bir rəvayətdə oxuyuruq: “Allah onu rəhmət etsin. O,mömin,arif, alim və doğruçu bir şəxs idi. Əgər qalib gəlsəydi öz əhdinə vəfa edəcəkdi, hökuməti ələ keçirdikdə onu kimə tapşıracağını yaxşı bilirdi.” Bu kimi bir çox hədislər və tarixi məlumatlar, Zeydin qiyamının imam Sadiq (ə) tərəfindən qəbul edildiyini bildirir. Lakin özünün bünövrələri titrəməkdə olan hökumətini əldə saxlamaq üçün bütün vasitələrə əl atan, əhli-beytin (ə) ümmət arasındakı nüfuzundan qorxaraq həmişə onları nəzarətdə saxlayan, hər bir kicik hərəkətlərinə belə göz qoyan, diqqətlə izləyən, azca güman əsasında onlara və tərəfdarlarına ağır cəzalar verən, əhli-beyti (ə) məhv etmək üçün bəhanə axtaran Mərvanilərin əlinə bəhanə və fürsət veməmək üçün bu qiyam ehtiyatla irəliləməli və imamın (ə) bu qiyama müdaxiləsindən heç kimin xəbəri olmamalı idi. İmamın (ə) bu qiyamda aşkar iştirak etməməsinin səbəblərindən biri də hələ də müsəlmanların imaməti yaxşı başa düşməməsi, imamət yolunda qiyam edə biləcək qədər yetişməmələri və imamı yalnız öz siyasi və dünyəvi mənfəətləri üçün himayə etmələri idi. Uzun illər boyu Şam ilə ticarət yolları uğrunda mübarizə aparan kufəlilər, imam Hüseyni (ə) Kufəyə dəvət etmiş, lakin Yezid hökumətinin qorxusundan və qəbilə başçılarının dünya malına aldanması üzündən imamı (ə) himayə etmək əvəzinə, o həzrətə qarşı müharibəyə qalxdılar. Əvvəlcə Zeydi himayə edəcəklərini bildirən kufəllilər, Yusif ibn Əmrin qoşununun müharibəyə hazırlaşdığını eşidəndə bəhanə ilə Zeydi tərk etdilər. İmam Sadiq (ə) bunların hamısını bilir, ona görə də heç bir rəhmi olmayan, Zeydin başını bədənindən ayırıb, dörd il dar ağacında camaatın gözü qarşısında saxlayan, sonra isə yerə salaraq od vuranların əlinə bəhanə vermək istəmir, əhli-beyti (ə) və bir ovuc olan həqiqi şiələri qorumaqla Allah dinini qorumağa çalışırdı. Abbasilərin qiyamı İmam Sadiqin (ə) dövründə baş verən ikinci qiyam Abbasiərin qiyamıdır. Qiyamın başlancığına nəzər saldıqda, zahirən belə görünür ki, imam (ə) üçün qiyam etməyə burada daha əlverişli və geniş fürsət yaranmışdır. Belə ki, qiyam etmək istəyənlərin ilk məktubları Abbasilərə yox, o dövrdə böyük siyasi rəhbər, məzhəb başçısı və camaat arasında ən nüfuzlu şəxs olan, imam Sadiqə (ə) ünvanlanmış, o həzrətin bu böyük qiyama rəhbərlik etməsi xahiş olunmuşdu. Amma bir-birinin ardınca gələn məktublara müsbət cavab verməyən imam (ə), hətta onları gətirənlərin gözü qarşısında məktubları yandırmaqla bu qiyama qarşı münasıbətini bildirmişdir. Hətta Mərvanilərə qarşı qələbənin nişanələri aşkar göründüyü zaman imam (ə) qiyama rəhbərlik etmək üçün ona göndərilən məktuba müsbət cavab vermədi. Nə üçün imam Sadiq (ə) Abbasilərin qiyamında iştirak etmədi? Qiyam edənlərin niyyətlərini araşdırdıqda, o həzrətin bir imam və siyasi rəhbər kimi bu qiyamda iştirak etməməsinin səbəbləri aydınlaşır, onun nə qədər uzaqgörən bir siyasətçi olduğu və bu siyasi meydanın qalıbi olduğu məlum olur. İmam Sadiq (ə) bu qiyamın rəhbərlərinin hökuməti ələ almaqdan başqa bir niyyətlərinin olmadığını və yalnız camaatın diqqətini özlərinə cəlb etmək, bu vasitə ilə onlardan dəstək almaq üçün imamı (ə) önə çəkmək istədiklərini yaxşı bilirdi. O həzrət, Əbu Müslim kimilərinin imamətə etiqadlı olmadığını bilir, ona görə də qiyama rəhbərliyi öhdəsinə götürmür və hətta əmisinə də “Nə vaxtdan Xorasan camaatı sənin tərəfdarın olubdur? Əbu Müslümü sən onların yanına göndərmisən? … Mən hər bir müsəlmanın xeyrini düşünməyi özümə vacib bildiyim halda necə olar ki, sənin xeyrini istəməyim?”- deyərək qiyamdan çəkindirirdi. Məlum olduğu kimi Abbasilər hakimiyyətə gəldikdə ilk qarşılaşdıqları şəxslər, qiyamda öz şərikləri sayılan imam Həsənin (ə) övladları oldu. İmam Sadiq (ə), öz rəhmsizliyində Həccacdan geri qalmayan, güman əsasında nəsilləri məhv edən Əbu Müslüm, onun sifarişçiləri kimi zülmkarlarla dövləti idarə edə bilərdimi? Tarixi dəlillərə görə, Abbasilər öz hakimiyyətlərini qorumaq üçün Əbu Müslimin əli ilə 600000 nəfəri qətlə yetirmiş, boyu “beş qarış” olan körpə uşaqlara belə rəhm etməmişdilər. İslam adından çıxış edərək, Məhəmməd (s) ailəsinin razılığını özlərinə şüar etmiş Abbasi qiyamçılarının özləri İslam göstərişlərinə əməl etmir, Məhəmməd (s) ailəsinə əziyyət verməkdən çəkinmirdilər. İmam Sadiq (ə) isə ümmətin fikri və əməli vəziyyətini bilirdi, siyasi və ictimai şəraitdən tamamilə xəbərdar idi. O həzrət qiyama başlamaq üçün öz imkan və məhdiyyətlərini nəzərə alırdı. İmam (ə) bilirdi ki, qiyam edərək təkcə hakimiyyəti ələ almaq kifayət deyil. Bu işdə imama itaət edərək hakimiyyəti İslam qanunları çərçivəsində idarə edə biləcək saleh insanlara ehtiyac var və onlar da hələ lazımi həddə çatmamışdır. Qiyamdan öncə belə şəxsləri yetişdirmək lazım idi. İmamın (ə) Sədir Seyrafi ilə söhbətində bu səbəb tamamilə öz əksini tapmışdır: İmamın (ə) xidmətinə gələn Sədir, o həzrətin qiyama qalxmasını istəyir və deyir: “Sənin çoxlu dostların və köməkçilərin var”. İmam (ə) ondan bunun sayını soruşduqda, Sədir onların 100000, sonra 200000, daha sonra isə dünyanın yarısı qədər olduğunu deyir. İmam (ə), Sədirdən onunla bir yerə getməsini istəyir və ora çatdıqda əli ilə otlaqda otlayan bir dəstə keçiyə işarə edib: “Əgər mənim bunlar qədər dost və tərəfdarım olsaydı heç vaxt yerimdə oturmaz, qiyama qalxardım”, deyə buyurur. Bəli, imam Sadiq (ə) siyasət və hökumətə tövhid nəzəri ilə baxırdı. O həzrət hakimiyyətə gəldikdə Qüran göstərişlərinə əməl edilməli, ədalət və Peyğəmbər (s) sünnəsi bərpa olunmalı idi.İmamın (ə) nəzərincə siyasət və hökumət qurluşu iqtisadi və ictimai işlərdə idarə etmə, əmniyyət və asayişin təminindən əlavə, insanların mənəvi əxlaq və rəftarlarını da öz öhdəsinə götürməlidir. Amma bunların heç birini “hökumət sonsuzdur” deyib, fikir və güclərini təkcə öz hakimiyyətlərini əldə saxlamaq üçün sərf edən, bunun üçün əmisinə, qardaşına, övladına, körpəyə belə rəhm etməyən kimsələrlə birləşib, qiyam edib hakimiyyət qurmaqla ələ gətirmək olmazdı. Bəlkə üstəlik zərərlər də görəcəkdi. İmam Sadiq (ə) yaranmış fürsətdən istifadə edərək, öz siyasət və tədbirləri ilə İslam elmlərinin dərinliklərini açıqladı, onun və tələbələrinin vasitəsi ilə İslamda düzgün əqidələr öz yerini tapdı. O həzrət, şiə məzhəbini elə möhkəmləndirməyə və istiqamətləndirməyə müvəffəq oldu ki, indinin özünə qədər həqiqi İslam və doğru yol bu məzhəbdə axtarılır.

İmam Muhəmməd Baqir (ə) 24.01.2025

İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyası

Imam Mühəmməd Baqir(ə) İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyasıImam Mühəmməd Baqir(ə) İmamət və vilayətin beşinci parlaq ulduzunun avtobioqrafiyası İmamət üfüqünə əbədi olaraq parlayan beşinci günəşin həyatı başdan-başa elm və dəyərli şeylərdən ibarət idi. Həmin səbəbdən, onu “Baqirul-ulum” adlandırmışdılar. Ona görə ki, o, elmin çətinliklərini yaran və mərifətin mürəkkəbliyini aradan qaldıran, cəhalət və zülmün zülmətində gizlənən dəyərləri yenidən canlandıran və onları aşkar edəndir. O, zülmün hakimiyyəti və İslam ümmətinin dini düşüncələrininndəyişkənliyi dövründə dünyaya gəlmişdir ki, mərifətin xəbər gətirəni və Məhəmmədə mənsub xalis İslamın dirçəldəni olsun. Müəllifin bu məqaləni yazmaqdakı məqsədi oxucuları müxtəsər şəkildə o həzrətin həyatının azacıq bir hissəsi ilə tanış eləsin. İmam Məhəmməd Baqirin (ə) dünyaya gəlməsi Həzrət Əbu Cəfər “Baqirul-Ulum” (ə) Mədinə şəhərində dünyay gəlmişdir. Əksər tarixçilərin nəzəri və rəvayət kitablarına əsasən o həzrət hicri 57-ci ildə doğulmuşdur. (1) Bu nəql imam Baqirin (ə) cəddi Hüseyn ibn Əlinin (ə) şəhadəti zamanı Tiff (Kərbəla) ərazisində olması və ömründən üç ilin keçdiyini göstərən rəvayətlə uyğunluğu vardır. (2) Amma o həzrətin handı ay və gündə doğulması barədə tarixçilər arasında fikir ayrılığı vardır. Bəziləri onun hicri 57-ci ilin Səfər ayının üçü (3), bəziləri hicri 57-ci ilin Səfər ayının beşi (4), Bəziləri də hicri 57-ci ilin Rəcəb ayının birinci cümə günü (5), bir qrup hicri 57-ci ilin Rəcəb ayının bazar ertəsi və ya birinci çərşənbə axşamı doğulduğunu söyləmişlər.(6) Amma əksər tarixçilər birinci nəzəriyyəni qəbul etmişlər. İmam Baqirin (ə) üstün nəsli İmam Baqirin (ə) ata və ana tərəfdən şəcərəsi pak olan nübuvvət nəslinə çatır. O, Ələvi xanədanında iki imamət dəryasının (Həsən ibn Əli (ə) və Hüseyn ibn Əli (ə)) qovuşmasından doğulan ilkin övladdır. (7) Atası Əli ibn Hüseyn(Zeynəl-Abidin (ə)) və anası Ümmü Abdullah Fatimədir. O, imam Həsən Müctəbanın (ə) qızıdır. (8) İmam Baqirin (ə) möhtərəm anası paklıq və doğruluqda elə bir nümunə idi ki, ona “Siddiqə” ləqəbi vermişdilər. (9) O həzrət anasını belə vəsf etmişdir: “Bir gün anam divarın kənarında əyləşmişdi. Birdən divar az qaldı ki, tökülüb dağılsın. Anam əlini divara qoydu və belə dedi: And olsun Mustafanın (s) haqqına, sənin uçmağa icazən yoxdur. Divar anam oradan uzaqlaşana qədər yerində dayandı və sonra uçdu.” (10) Adı, Künyə və ləqəbləri O həzrətin adı Məhəmməd, künyəsi Əbu Cəfər (11) və ləqəbləri Baqir, Şakir, Hadi və Əmindir. O həzrətin ən məşhur ləqəbi Baqir hesab olunur. əksər mənbələrin çoxu buna işarə edir. (12) Onun üçün bu ləqəbin təyin olunmasının hikməti barədə belə qeyd edilmişdir: Elmin çətinliklərini yaran və biliyin mürəkkəb məsələlərini həll edən idi. (13) Sahib olduğu məlumat və elminin əhatəliliyinə görə Baqir adlandırılmışdır. (14) Uzun səcdələr nəticəsində alnı qabar bağlamışdır. (15) Hökmləri ümumi qanunlar mətnindən xaric edərək əldə edirdi. (16) İmam Məhəmməd Baqirin (ə) zövcələri Tarixi mənbələrdə imam Baqirin (ə) Qasib ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Ümmü Fərvə və Useyd ibn Muğeyrə Həsqəfinın qızı Ümmü Həkim adlı iki zövcəsinin olması qeyd edilmişdir. Onların hər ikisinə Ümmü Vələd də demişlər. (17) İmam Baqirin (ə) övladları İmam Baqir (ə) yeddi övlada malik idi. Onların adları belədir: Cəfər ibn Məhəmməd Sadiq (ə), Abdullah, İbrahim, Ubeydullah, Əli, Zeynəb və Ümmü Sələmə. Əlbəttə, bəzi mənbələrdə imam Baqirin (ə) yalnız altı övladının olması qeyd edilmişdir. Onlar o həzrətin Ubeydullah adlı övladının olmamasına etiqadlıdırlar. (18). Bir qrup da belə söyləmişdir: “İmam Baqirin (ə) iki qızı olmamışdır və Zeynəb, Ümmü Sələmə həqiqətdə, o həzrətin bir qızının iki adıdır.” (19) İmam Məhəməd Baqirin (ə) elmi fəaliyyəti Hədislərin nəql edilməsinin ikinci xəlifə zamanında qadağan olunması və sonra da yalançı hədislərin yayılması camaatın hidayət yolundan xaric olmasına səbəb olmuşdu. Camaatın xəbərsizliyi islami fəthlərin genişləndiyi zaman özünün zirvə nöqtəsinə çatdı. Rəhbərlər və onlara tabe olmaqla camaat ölkələri genişləndirmək, zahiri və maddi  məsələlərlə o qədər məşğul oldular ki, elmi fəaliyyət və dini baxımdan fərdlərin yetişdiriməsi bir kənara qoyuldu. (20) İmam Baqir (ə) və sonra imam Sadiq (ə) zamanında Bəni-Üməyyə hökuməti öz hakimiyyətinin son günlərini yaşamaqda və Bəni-Abbas xilafət libasını qəsb eləmək ardınca idi. Nəticədə, yaranan boşluq islami cəmiyyətin ideoloji inkişafı üçün münasib olan bir zəminə hesab edilə bilərdi. Şiənin fiqh və təfsir sənədlərinə qısa bir nəzər salmaqla şiə fiqhi, əxlaqi və təfsir rəvayətlərinin əksər hissəsinin imam Baqirdən (ə) nəql olunduğunu çox yaxşı şəkildə anlamaq olar. “Vəsailuş-şiə” və Bəhraninin “Əl-Burhan”, Feyz Kaşaninin “Safi” adlı təfsir mənbələri fiqhi məsələlərin bəyanı və Quran ayələrinin izahı, onların nazilolma səbəbi barədə çoxlu sayda rəvayətləri əhatə edir ki, onların hamısı imam Baqirdən (ə) nəql olunmuşdur. Bunlardan əlavə, Əmirəl-möminin (ə) və “Siffeyn” döyüşü haqda əksər tarixi hadisələr də o həzrət tərəfindən nəql edilmişdir. Həmçinin, əxlaq zəminəsində lakonik və mənalı cümlələr də nəql edilmişdir ki, onlar məsum imamın ruhundan və daxili kamalından qaynaqlanan həddən artıq gözəl cümlələrdir. (21) İmam Baqirin (ə) cəmiyyətdə İslam əxlaqının yayılması zəminəsində göstərdiyi üstün fəaliyyətlərə misal olaraq o həzrətin təəssübkeş fərdlərlə mübarizə aparmasını nümunə göstərmək olar. O həzrət zöhdü  və təqvalı olmağı dünyəvi nemətlərdən istifadə etməklə zidd hesab etmirdi. İslami cəmiyyətə dini rəhbərliyi öz öhdəsinə götürmüş olan imam Baqir (ə) öz zamanəsinin ictimai və mədəni məsələlərini tənzimləməyin kənarında layiqli şagirdlər yetişdirmiş və onları islami ölkələrə ezam eləmişdir. Cabir ibn Yezid Cofi, Məhəmməd ibn Müslim, Əban ibn Təğləb və Əbu Bəsir Əsədi imam Baqir (ə) məktəbində dərs öyrənmiş kəslər idi. Həmçinin, İbn Mübarək, Zöhri, Ovzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Munzir və Bilazəri də o həzrətin ravilərindən hesab edilirdilər. (22) İmam Baqir (ə) dərs zəncirini yaratmaqda dörd hədəfi izləyirdi: 1. İslami nəzərlərin bütün zəminələrdə irəli sürülməsi, xüsusən də, digər dinlərin alimlərinin verdiyi sualların bəyan olunması. Bu mətləb də din ardıcıllarının imanının möhkəmlənməsinə səbəb olur, eyni zamanda, müsəlman olmayanlara İslamın üstünlüyünü tanıtdırırdı.İmam Baqir (ə) onun yanına gələn və müxtəlif əqidələrin ardıcılları olan hər bir kəslə elmi münazirə aparırdı. Camaat etiqadlarla bağlı olan elmdə (sxolastika elmi) o həzrətdən çoxlu sayda mətləblər öyrənmişdi. (23) 2. Ya Əməvi hökumətindən asılı olanların yaratdığı və ya Peyğəmbər (s) sünnəsinə bağlılığın olmamasından yaranan fiqhi, əqidəvi, tarixi, əxlaqi və  təfsirlə bağlı səhv və azğınlııqlara nisbətdə aydınlaşdırıcı rola malik olmaq. 3. Həmin dövrdə islami cəmiyyətə hakim olanların onun bəyanını qadağan etdiyi və camaatın ondan agah olmasının siyasi hakimiyyət sistemini lərzəyə saldığı dini məsələlərlə bağlı mərifət qapılarını açmaq. İmam Sadiqdən (ə) nəql edilən bir hədisdə belə qeyd olunmuşdur: Əməvilər camaatı imanla bağlı mövzuların öyrənilməsində azad buraxmış, amma şirkə qayıtmağa səbəb olan məsələlərin öyrənilməsini onlara qadağan etmişdi ki, əgər camaatı şirklə qarışmış bir işə vadar etsələr, onlar onun çirkinliyini başa düşə bilməsinlər. (24) 4. İmam Baqirin (ə) nəzəri mənbələri əsasında bir sıra islami alimlər qrupu yetişdirmək və onları o həzrətin nəzərlərini düzgün şəkildə çatdırmaq üçün başqa məntəqələrə ezam eləmək və nəticədə, Əməvilərin Peyğəmbər (s) Əhli-beytinin (ə) tanıtdırılmasındakı mənfi təbliğatını təsirdən salmaq.Eyni zamanda, o həzrətin bəzi Əhli-beyt (ə) tərəfdarlarının qüluvla yanaşı olan düşüncələrini aradan qaldırmaqla bağlı fəaliyyətləri onun atdığı ən mühüm addımlardan hesab edilir. (25) İmamın siyasi mövqe və adımları Əhli-beytin (ə) ən bariz nümunələrindən olan və şiələrin beşinci imamı sayılan imam Baqirə (ə) təbii ki, siyasi baxımdan camaatın əksəriyyəti və Əməvi hökumətinin müxalifləri üz tuturdu və həmin səbəbdən, hökumət tərəfindən ciddi şəkildə nəzarətdə saxlanılırdı. Əlbəttə, imam Hüseynin (ə) şəhadətindən sonra yaranan xüsusi vəziyyətə görə imam Baqir (ə) təqiyyə üsulundan istifadə edir və daha çox öz nəzəri məsələlərini dərslər şəklində bəyan eləyirdi. Bu səbəbdən. O həzrətin həyatının cüzi məsələləri və bütün fəaliyyətləri tarix mənbələrində qeyd edilməmişdir. O həzrətin siyasi fəaliyyətlərini o qədər də müşahidə eləmək olmur. Bununla belə, əlimizdəki bir neçə məlumat imam Baqirin (ə) siyasi məsələlərdə öz meyar və mənbələrinə istinad edərək mövqe tutmasını və ictimai və siyasi məsələlərdə öz ardıcılları və bəzən də hökumət başçılarına yol göstərməsini nişan verir. Misal üçün, mənbələrdə qeyd edilmişdir ki, Hişam ibn Əbdülməlik həcc mövsümündə Məscidül-Həramda imam Baqirin (ə) təvaf etdiyini və camaatın onun ətrafında dövrə vuraraq ona sual verdiyini gördü. Camaatın belə diqqət göstərməsi və qayğısı onu özünə cəlb elədi. Əətrafındakılardan onun adını soruşdu və onun Məhəmməd ibn Əli olduğunu  söylədikləri zaman, təəccüblənərək dedi: “İraq camaatının ona heyran olduğu həmin kəsdir və ya İraq camaatının imamıdır!” (26) Başqa bir rəvayətdə qeyd olunur ki, Hişam)guya həmin həcc mövsümundən sonra) imam Baqiri (ə) oğlu imam Sadiqlə (ə) birlikdə şam yeməyinə dəvət edir. İmam məclisə daxil olduqda, məclis əhlinin hamısına xilafət ənənəsinin əksinə olaraq birlikdə salam verdi və Əməvi xəlifəsinə Əmirəl-möminin deyə xitab eləmədi və icazə istəmədən əyləşdi. Hişam qəzəblə ağzını açaraq dedi ki, nə üçün siz camaatı öz imamətinizə tərəf dəvət edirsiniz? Məclisdə iştirak edənlər də əvvəlcədən sözləşdikləri kimi, həmin üslubu izlədilər. Bu zaman imam aşkarcasına Peyğəmbər (s) Əhli-beytinin (ə) dindəki mövqeyi və onların camatın hidayət məsələsinə öhdədar olmasını bəyan elədi. Eyni zamanda, Əməvilərin hakimiyyətinin müvəqqəti olmasına işarə etdi. Hişam əvvəlcə o həzrəti zindana saldırdı və sonra onu azad edib Mədinəyə yola salmaq məcburiyyətində qaldı. (27) Bu iki məlümatdan belə başa düşülür ki, imam Baqirin (ə) hərəkatı Əhli-beyt (ə) imamlarına tərəf dəvət və onların məqam və dindəki rolunun tanıtdırılması, həmçinin, Əməvi xilafətinin və Hişamın İslam ümmətində ixtilaf yaratmaq üçün icad etdiyi və inkar oluna bilməz, eyni zamanda, ən azı islami ərazilərin bir hissəsində ciddi təsirlər qoyduğu onların haqq olması məsələsini inkar eləməyə yönəlmişdi. İmam Baqirin (ə) bəzi fəzilətləri İmamın həyatı şərafətli və üstün insanların həyatını tamamilə əks etdirən bir yaşayışdan ibarət idi. İmamın ən bariz xüsusiyyətlərindən biri onun universal və hərtərəfli olması idi. Elmə diqqət yetirməsi onu əxlaq və mənəvi fəzilətlərdən qafil eləmir, mənəviyyat, ibadət və bəndəliyə üz tutması onu maddi həyat, ictimai münasibətlər və cəmiyyəti islah etməkdən saxlamırdı. a) Təqva və zöhdün zirvə nöqtəsindəki fəaliyyət və təlaşı Məhəmməd ibn Munkər imam Baqir (ə) əsrinin məşhur zahidlərdən idi və o, Tavus Yəmani, İbrahim ibn Ədhəm və digərləri kimi, sufiliyə meyilli olmuşdu. O, belə nəql edir: “İsti yay günlərinin birində Mədinədən onun məntəqələrindən birinə tərəf yola düşdüm. Birdən belə bir isti havada Məhəmməd ibn Əlinin (ə) iri cüssəsi və iki köməkçisinin yardımı ilə işlə məşğul olduğunu və məişəti ehtiyaclarını təmin etməyə çalışdığını gördüm. Öz-özümə dedim: “Qüreyşin böyük şəxsiyyətlərindən olan belə bir şəxs qaynar olan və taqət kəsən belə havada, bu cüssə ilə dünya ardıncadır. Allaha and olsun, onun yanına gedib ona möizə eetməliyəm.” O həzrətə yaxınlaşdım və salam verdim. O, tər tökdüyü və tez-tez nəfəs aldığı halda, salamıma cavab verdi. Fürsəti qənimət bilib dedim: “Allah işlərinizi avand eləsin! Nə üçün sizin kimi böyük bir şəxsiyyət belə bir şəraitdə dünya işləri və mal-dövlət ardıncadır? Əgər belə bir halda ölüm sizin ardınızca gəlsə, nə edəcəksiniz?!” İmam Baqir (ə) əlini xidmətçilərinin əlindən çəkərək buyurdu: “Allaha and olsun, əgər belə bir vəziyyətdə ölüm sorağımca gəlsə, həqiqətən də, Allaha itaət etdiyim halda, dalımca gəlmişdir. Mənim bu təlaşımın özü elə Allaha itaət etməkdir. Ona görə ki, mən bu işlər sayəsində sənə və digərlərinə ehtiyac əlimi uzatmaqdan ehtiyacsız oluram. Ölümdən o zaman qorxmalıyam ki, Allaha qarşı günah etdiyim zaman mənim sorağıma gəlmiş olsun.””(28) b) Cəmiyyətə arasındakı təsirli və islah edici iştirakı İmam Baqir (ə) nəfsi baxımdan qane olması və məişət ehtiyaclarını təmin etmək üçün təlaş göstərməsnə və əməli olaraq da bu sahədə addım armasına baxmayaraq, əsla həyatını ruzi qazanmağa həsr etməmişdi, əksinə onun təlaşı cəmiyyət arasında islahedici və təsirli şəkildə iştirak etmək idi. Qeyd etdiyimiz kimi, imam Baqir (ə) öz zəmanəsində cəmiyyətdə elmi və əməli baxımdan ən böyük təsirə malik olan şəxs idi. İmam Baqirin (ə) islami cəmiyyətdəki həll edici rolunu bəyan etmək üçün aşağıdakı məsələni qeyd etmək kifayətdir: Alimlərin bir qismi bu əqidəyə malikdir ki, fəqihlər silsiləsinin başlanğıcında camaatın ən çox fəqih olanı altı nəfərdir və onlar imam Baqir (ə) və imam Sadiqin (ə) şagird və səhabələridir. (29) İmam Rzanın (ə) müasirlərindən olan Həsən ibn Əli Əl-Vəşanın (30) sözləri bizim iddiamıza ən aydın dəlildi. O deyir: “Hədis ravilərindən olan doqquz yüz şeyx və böyük şəxsiyyətin Kufə məscidində tədrislə məşğul olduğunu və imam Baqir (ə) və imam Sadiqdən (ə) hədis nəql etdiyini gördüm.” (31) c) Camaatın suallarına cavab vermək və elmi müraciət mənbəyi olmaq Əbu Bəsir deyir: İmam Baqir (ə) Məscidul-Həramda əyləşmiş və onun sevən şəxslərin çoxu ətrafında dövrə vuraraq toplaşmışdılar. Bu zaman Tavus Yəmani bir dəstə ilə mənə yaxınlaşdı və soruşdu ki, bu camaat kimin ətrafına toplaşmışdır? Dedim:”Məhəmməd ibn Əli ibn Hüseyn Baqirul-Ulum (ə) əyləşmiş və camaat onun ətrafına toplaşmışlar.” Tavus Yəmani dedi: “Mənim də onunla işim var.” Bu zaman yax;na getdi? Salam verib əyləşdi və dedi: “İcazə verirsinizmi bəzi mətləbləri sizdən soruşum?”İmam Baqir (ə)buyurdu: “Bəli, soruş!” (32) Tavus Yəmani ondan suallarını soruşdu və imam (ə) onun suallarına tutarlı cavablar verdi.” d) Məhrum olanlara yardım eləmək İmam Baqir (ə) barəsində demişlər: “Əsla eşidilməmişdir ki, hansısa bir ehtiyaclı ona öz ehtiyacını bildirdikdə mənfi cavabla qarşılaşmış olsun.” İmam Baqir (ə) daim tövsiyə edirdi ki, hansısa bir ehtiyaclı sizə üz tutduqda v ya siz onları səsləmək istədikdə, onlar barəsində ən yaxşı ad və sözlərdən istifadə edin (33) və onları pis, xoşagəlməz adlarla çağırmayın və onlara hörmətsizliklə rəftar etməyin. İmam Sadiq (ə) buyurur: “Atam digər qohumlarına nisbətdə maddi imkan baxımdan aşağı səviyyədə və məişət xərclərinin digərləri ilə müqayisədə ağır olmasına baxmayaraq, hər cümə ehtiyaclılara infaq edər və buyurardı: “Cümə günü digər günlərdən üstün olduğu kimi, cümə günündə edilən infaqların savabı daha çoxdur.”” (34) e) Dostlarına nisbətdə səxavətli olması Əmr ibn Dinar və Abdullah ibn Ubeyd belə deyir: “Elə bir vaxt olmazdı ki, biz imam Baqirin (ə) yanına getdikdə, o həzrət bizi hədiyyə, geyim və maddi şeylərlə qarşılamamış olsun. Həzrət belə buyurardı: “Bunları siz gəlməmişdən öncə tədarük görmüşdüm.”” (35) Əsvəd ibn Kəsir deyir: “Fəqirliyə düçar oldum və dostlarım mənə yardım eləmədilər. İmam Baqirin (ə) yanına getdim və fəqirliyim və qardaşlarımın mənə etdikləri zülmdən şikayətləndim. O həzrət buyurdu: “Pis qardaş varlı və imkanlı olduğun zaman sənin halını soruşan, səni yada salar, amma fəqir və ehtiyaclı olduğun zaman, səndən uzaqlaşn və sənin  barəndə maraqlanmayan qardaşdır.” Sonra imam (ə) öz xidmətçilərinə göstəriş verdi ki, mənə yeddi yüz dirhəm gətrisinlər. Sonra buyurdu: “Bunları xərclə. Nə zaman qurtarsa və ehtiyacın olsa, məni öz halından xəbərdar elə!”” (36) f) İctimai münasibətlərdə səbirli olması Cəmiyyətdəki iştirakın ilahedici və təsirli olmasının əsas şərti fərdin səbirli ola bilməsindən ibarətdir. Bu  xüsusiyyət imam Baqirin (ə) həyatında ən ali şəkildə görülməkdədir. Həmin üçün o həzrətin həyatındakı bu xüsusiyyəti nəzərə çatdırmaq üçün aşağıdakı bir hədisi nəql etməyimiz kifayətdir: Qeyri-müsəlman (nəsrani) olana bir şəxs günlərin birində imamla qarşılaşır və onun bilinməyən bir səbəbdən o həzrətə qəlbində kini var idi. Həmin səbəbdən ağzını nalayiq sözlər dümək üçün açır və həzrətin adını fərqli şəkildə söyləyərək belə deyir: Sən bəqərsən (inəksən)! İmam qəzəblənmədənvə ona sərt reaksiya göstərmədən xüsusi aramlıqla ona belə buyurur: “Mən Baqirəm!” Əvvəlki sözü ilə öz məqsədinə nail olmayan və imamı qəzəbləndirməyi bacarmadığını görən nəsrani şəxs deyir: “Sən aşpazın oğlusan!” Imam buyurdu: Bu, onun peşəsi idi (və onun üçün eyib və nöqsan hesab olunmur). Nəsrani olan şəxs bir qədər də həddini aşaraq və hədsiz kobudluq edərək dedi: “Sən qara dərili və zənci …qadının oğlusan!” İmam (ə) buyurdu: “Əgər sən düz deyirsənsə və sənin vəsf etdiyim kimidirsə, Allahdan onu bağışlamasını diləyirəm. Əgər sənin iddian yalan və əsassızdırsa, Allahdan səni bağışlamasını diləyirəm.” Bu an imam Baqirin (ə) hədsiz və qeyri-adi helm və səbrinin şahidi olan nəsrani şəxs müşahidə etdi ki, bu əsil və nüfuzlu şəxsiyyət yüzlərlə şagirdin ondan faydalanmaq kimi elmi və ictimai məqama malik və Qüreyş və Bani-Haşimin arasında üstünlük və himayəyə sahib olmasına baxmayaraq, onun bu acı dili müqabilində eynilə rəftar etmədi və səbirli dağ kimi, aramla dayanaraq onunla danışdı. Bu zaman öz vicdanının məhkəməsində özünü məğlub edilmiş və məzəmət olunan hesab elədi və dərhal söylədiklərinə görə üzr istədi və İslamı qəbul elədi. (37) g) Dostlarla səmimi olmaq və onlara məhəbbət göstərmək İmam Baqirin (ə) dostlarından biri olan Əbi Ubeydə deyir: Səfərdə imam Baqirlə birlikdə və onunla yoldaş idim. Səfər boyu ilk olaraq mən və sonra isə o həzrət öz miniyinə minirdi (və bu, ehtiramın ən son həddi idi). Miniklərimiz bir-birinin yanınca getdikdə isə mənimlə elə isti və mehriban davranaraq halımı soruşurdu ki, sanki bir qədər əvvəl bir-birimizin kənarında deyildik və məni uzun müddət axtarışdan sonra məni tapmışdı. Mən o həzrətə dedim: “Ey Allah Rəsulunun (s) övladı! Siz öz yaxınlarınız və dostlarınızla elə rəftar edirsiniz ki, mən bunun oxşarını başqalarında görməmişəm. Həqiqətən, digərləri də öz dostları ilə ilkin olaraq bu şəkildə və mehribancasına rəftar eləsələr, dəyərli və diqqətəlayiq hesab olunacaqdır.” İmam Baqir (ə) buyurdu: “Əlini məhəbbətlə dostun əlinə qoymağın nə qədər dəyərli olduğunu bilmirsənmi? Möminlər bir-biri ilə görüşdükləri və əllərini mehribanlıqla sıxdıqları zaman, onlar bir-birindən ayrılana qədər günahları ağacın yarpaqlar kimi tökülər və bir-birindən ayrılana qədər onlar Allahın rəhmətindədirlər.” h) Ailəyə nisbətdə məhəbbət və ehribanlıq Ailə üzvləri və övladlara məhəbbət və mehribanlıq göstərmək dini və ilahi baxımdan özünün ən üstün xüsusiyyətili bir şey olaraq yalnız Əhli-beyt (ə) məktəbində özünü düzgün şəkildə nişan verməkdədir. Əhli-beytdən (ə) uzaq düşən – istər ümumiyyətlə dinə bağlı olmayan, istərsə də, dini Əhli-beytdən (ə) başqaları vasitəsi ilə qəbul edən şəxslər olsun – kəslər dəyərlər və duyğular arasında tarazlığı saxlamaqda ifrat və təfritə düçar olurlar. Bir dəstə imam Baqirin (ə) yanına gəldi və o həzrətin evinə daxil oldu. İmamın övladlarından biri də həmin vaxtlar xəstə idi. Onlar həzrətin üzündə həddən artıq qəm-kədər əlamətini müşahidə etdilər. İmam Baqir (ə) övladının xəstəliyindən narahat olduğu üçün aramlıq tapa bilmirdi. Həmin kəslər bu vəziyyəti müşahidə etdikləri zaman öz-özünə dedilər ki, əgər bu uşağıın vəziyyəti pisləşsə (ölsə), ola bilsin ki, imamın həddən artıq qəm-kədərdən halı dəyişər və bizim ondan gözləmədiyimiz reaksiyalar verər. Elə bu düşüncədə idilər ki, ah-nalə səsi ucaldı və uşağın canını tapşırması və yanındakıların ona ağlaması məlum oldu. Onlar imam Baqirin (ə) halının necə olduğundan xəbərsiz idilər ki, imam onların əvvəlcə həzrətin simasında müşahidə etdiklərinin əksinə olaraq xoş sima ilə içəriyə daxil oldu. Qonaqlar dedilər: “Biz içəri daxil olduğumuzda sizin narahat və qəmgin olduğunuzu görüb biz də sizin halınızdan nigaran olduq ” İmam buyurdu: “Biz istəyirik ki, əzizlərimiz sağlam və ağrı-acısız olsunlar, amma ilahi əmr yetişdiyində və Allahın təqdiri baş verdiyində, Allahın istəyini qəbul edir və onun iradəsi müqabilində təslim və razı oluruq.” (38) i) Möminlərin ictimai hüquqlarına ehtiram eləmək Zürarə deyir: İmam Baqir (ə) Qüreyşdən olan bir kişinin cənazəsində iştirak edirdi və mən də onunla birlikdə idim. Dəfndə iştirak edənlər arasında Əta da var idi. Bu zaman qadınların arasından müsibət görmüş biri ah-nalə və fəryad eləməyə başladı. Əta əzadar qadına dedi: “Ya sakit dayan, ya da mən buradan gedəcə və dəfndə iştirak eləməyəcəyəm.” Qadın sakit olmadı və ah-naləsinə davam elədi və Əta da geri qayıtdı və mərasimi yarımçıq qoydu. Mən imam Baqirə (ə) Ətanın məələsini o həzrətə dedim və onun bir reaksiya verməsini gözlədim. İmam buyurdu: “Yolumuza davam edək və cənazəni dəfn edək, çünki hansısa bir səhv və bir qadının səs-küy salmasına görə hansısa bir haqqı kənara qoymalı olsaq və möminə nisbətdə ictimai vəzifəmizi yerinə yetirməsək, onda, müsəlmanlıq haqqını görməzdən gəlmişik.” Zürarə deyir: Mərasimdən sonra cənazəni yerə qoydular və ona namaz qıldıq və dəfnetmə mərasimi davam elədi. Bu zaman əza sahibi irəli gəldi və imam Baqirə (ə) təşəkkürünü bildirdi və ona dedi: “Sizin çox yol getmək qüdrətiniz yoxdur, bu miqdarda iştirak elədiyiniz və gəldiyiniz üçün minnətdaram. İndi qayıdın.” Zürarə deyir: “Mən imama dedim ki, əza sahibinin sizə qayıtmaq icasəi verdiyi halda, indi yaxşı olar ki, siz qayıdasınız, çünki mənim sizdən soruşmaq istədiyim bir sualım var. İmam buyurdu: “Öz içinə davam elə, biz əza sahibinin icazəsi ilə gələmişik ki, onun icazəsi ilə də qayıdaq. Bir möminin dəfnində iştirak eləməyin savab və mükafatı vardır və biz ona görə gəlmişik. İnsan möminin cənazəsinə ehtiram və dəfnində iştirak etdiyi miqdarda Allahdan mükafat alar.”” (39) j) Camatın iqtisadi hüquqlarına ehtiram eləmək Əbu Səmamə deyir: “İmam Baqirin (ə) yanına gedib dedim: “Sizə fəda olum! Mən Məkkədə qalamq istəyirəm. Amam murciə (40) məzhəbindən olan birinə borcum var. Sizin bu barədə nəzəriniz nədir? (Vətənə qayıdıb həmin şəxsin borcunu qaytarmağım yaxşıdır, yoxsa, həmin şəxs batil məzhəbdə olduğu üçün borcunu ödəməyi təxirə salaraq Məkkədə qalmağım?)” İmam buyurdu: “Borclu olduğun şəxsə tərəf qayıt və borcunu ödə. Diqqətli ol və elə şəkildə həyat sür ki, ölüm zamanı və Allahla görüşdüyün zaman, başqası tərəfindən sənin öhdəndə kimsənin tələbi olmasın. Ona görə ki, mömin əsla xəyanət eləməz.”” (41) k) Şərafətli və gözəl yaşayış İmamlar (ə) öz zamanlarına və ictimai məsuliyyətlərinə mütənasib olaraq yaşayırdılar. Həzrət Əlinin (ə) hakimiyyətdə olduğu zamanlarda özünün öz ayaqqabısına pinə vurduğu, ən sadə və aşağı qiymətli paltarlardan istifadə etdiyi görülmüşdür. Əlbəttə, o həzrət yaşayış üslubunu hamıya tövsiyə eləmir və buyururdu: Mən cəmiyyətə hakim olduğum üçün xüsusi vəzifəyə malikəm və camaatın ən aşağı təbəqəsi kimi yaşamalıyam ki, onlar mənim vəziyyətimi müşahidə etməklə özlərində aramlıq və razılıq hiss etsinlər. Amma digər imamlar hökumətin mösuliyyətini öz öhdələrinə götürmədikləri və xüsusi ictimai şəraitdə yaşadıqları üçün onların yamaqlı ayaqqabılar geyinməsi və qiyməti az olan paltarlar alması onların ictimai mövqeyinin zəifləməsinə və şiələrin təhqirinə və mənfi nəticələrə səbəb ola bilərdi. Onlar vəzifələrinin tələbinə uyğun olaraq düzgün ictimai ənənəyə riayət edir və cəmiyyətdə çərəfli şəkildə yaşayırdılar. İmam Baqir (ə) hətta saqqalının düzəldilməsi barədə saç ustasına yol göstərir (42) və gözəl paltarların seçilməsi məsələsinə xüsusi diqqət yetirirdi. Belə ki, bəzən xəz parçalardan hazırlanmış möhtəşəm libaslar geyinir  (43) və diqqəti cəlb edən rəngdə olan və xoşagələn paltarla seçirdi. (44) İmam Baqirin (ə) şəhadəti İmam Baqir (ə) möhtərəm atası imam Zeynəl-Abidinin (ə) vəfatından sonra 19 il, on ay həyat sürdü və bütün bu müddət ərzində imamət vəzifələri, islami mədəniyyətin təbliğ və yayılması, şagirdlərin yetişdirilməsi, səhabə və camaata rəhbərlik, məxluqat arasında cəddi Peyğəmbərin (s) sünnəsini icra etmək, qəsbkar hökuməti düzgün rəhbərlik etməyə yönəltməkə və camaatı Allah və Peyğəmbərin (s) yer üzərindəki həqiqi rəhbər və məsum imamlarını tanımağa yönəltmək ilə məşğul oldu və bir an belə bu vəzifəni yerinə yetirməkdən qafil olmadı. İmam Baqir (ə) Allaha bəndəlik etmək meydanı, dini dirçəltmək, elmi yaymaq və islami cəmiyyətə ictimai xidmətlər göstərmək istiqamətindəki bir ömürlük təlaşadan sonra hicri 114-cü ilin Zilhəccə ayının yeddisi şəhadətə çatdı. (45) Onun pak cəsədini Bəqi qəbirsanlığında atasının qəbri kənarında dəfn elədilər. Əlbəttə, o həzrətin şəhadətə yetdiyi il barədə müxtəlif nəzəriyyələr vardır. Tarixçilərin bir qismi hicri 117-ci (46), bir qismi 118-ci (47), onların çox az bir qrupu da 116 (48), 113 (49), 115 (50) və 111-ci illəri (51) onun şəhadət ili kimi qeyd etmişlər. Amma əksər tarix mənbələri 114-cü ili diqqətdə saxlamışdır. (52) Mündəricat 1. “Dəlailu əimmə”, səh. 194; “Üsuli-Kafi”, c.2, səh. 372; “İrşadun mufid”, c.2, səh. 56; “Misbahul-mutəhəccid”, səh. 557; “Elamul-vərə”, səh. 259, İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 210; “Rovzətul-vaizin”, c.1, səh. 207; “Kifayətut-talib”, səh. 455; “Vəfiyyatul-əyan”, c.4, səh 174. 2. “Səbaikuz-zəhəb”, səh. 74; “Uyunil-mucizat”, səh. 75; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 11. 3. “Kəşful-ğummə”, c.2, səh. 318; “Əl-Fusulul-muhimmə”, səh. 216; Kəfəmi, “Misbah”, səh. 522; Şiblənci, “Nurul-əbsar”, səh. 142. 4. Lahici, Təzkirətul-əimmə, səh. 125. 5. “Dəlailu əimmə”, səh. 94; “Misbahul-mutəhəccid”, səh. 557; “Elamul-vərə”, səh. 259. 6. “Əyanuş-şiə”, c1, səh. 650. 7. İbn Şəhr Aşub, “Mənaqib”, c.4, səh. 208; Umdtut-talib, səh. 138-139; Mazandarani, “Nurul-əbsar”, səh. 151. 8. Bəzi mənbələrdə Ümmü Abdulla Fatiməni Həsən Musənnanın (Həsən ibn Həsən)  övaldı hesab edilmişdir. “Təzkirətul-xəvas”, səh. 302; “Vəfiyyatul-əyan”, c.4, səh. 174. Amam əksər mənbələrdə o, imam Həsən Müctəbanın (ə) vasitəsiz övladı kimi qeyd edilmişdir: “Tarixe Yəqubi”, c.2, səh. 320; Novbəxti, “Firəquş-şiə”, səh. 61; “Dəlailul-əimmə”, səh. 95; “Üsuli-Kafi”, c.2, səh. 372; “İsbatul-vəsiyyə”, səh. 150; “Elamul-vərə”, səh. 259; “Təzkirətul-xəvas”, səh. 302; “Əl-Bidayətu vən-nihayə”, c.9, səh. 309; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 111. 9. “Dəlailul-əimmə”, səh. 95. 10. “Uyunil-mucizat”, səh. 75; “İsbatul-hudat”, c.5, səh. 270; “Biharul-ənvar”, c.46, səh. 217; Mazandarani, “Nurul-əbsar”, səh. 44; “Əl-Ənvarul-bəhiyyə”, səh. 115. 11. Covhəri, “Məsirul-əhzan”, səh. 237; “Tarixe İbn Xəlləkan”, c.2, səh. 23; Təbərsi, “Taruxul-məvlid”, səh. 39; “Əl-Məarif”, səhş 215; “Seyru əlamun-nubəla”, c.4, səh. 401. 12. Səbaikuz-zəhəb, səh. 74; İbn Quteybə, uyunil-əxbar, c.1, səh. 312; İrşadu Mufid, c.2, səh. 156; “Təzkirətul-xəvas”, səh. 302; Miratul-cinan, c.1, səh. 248;Tarixe İbn Vərdi, c.1, səh. 248; Rovzətur-riyahəyn, səh. 67; Əs-Səvaiqul-muhriqə, səh. 210; Şəzəratuz-zəhəb, c.1, səh. 149. 13. “Tarixe Yəqubi”, c.2, səh. 302; “Seyru əlamun-nubəla”, c.4, səh. 402; Əl-Fusulul-muhimmə, səh. 211, Şəzəratuz-zəhəb, c.1, səh. 149. 14. “Tarixe Muvalid”, səh. 39; “Kəşful-ğummə”, c.2, səh. 318, “Təzkirətul-xəvas”, səh. 302; “Əyanuş-şiə”, c.1, səh. 650. 15. “Təzkirətul-xəvas”, səh. 302; “Əyanuş-şiə”, c.1, səh. 650. 16. Əl-Bidayətu vən-nihayə, c.9, səh. 309. 17. Öz sahibindən övladı olan kənizə Ümmü Vələd deyilir. 18. Təbəqatu İbn Səd, c.5, səh. 236; “Təzkirətul-xəvas”, səh. 306. 19. Elamul-vərə, səh. 265; Kəşful-ğummə, c.2, səh. 322; Əl-Fusulul-muhimmə, səh. 221; “Biharul-ənvar”, c.46, səh. 365. 20. Rəsul Cəfəriyan, Həyate fekri və seyasiye emamane şie, Ənsariyan nəşriyatı, İslami elmlər beynəlxalq tədris və tədqiqat mərkəsinin yardımı ilə nəşr edilmişdir. Səh. 294. 21. Həmin mənbə, səh. 302. 22. Məhəmməd Təqi Müdərrisi, Zendegi və simaye emam Muhəmməd Baqer (ə), Tərcümə: Məhəmmədsadiq Şəriət, səh. 32. 23. İrşadu Mufid, c.2, səh. 163. 24. Üsuli-Kafi, c.2, səh. 415-416. 25. Kəşşi, səh. 223-228. [1]. اصول کافی، ج 8، ص120؛ ذهبى، ج 4، ص405؛ ارشاد مفید، ج 2، ص163-164. 26. Üsuli-Kafi, c.8, səh. 120; Zəhəbi, c.4, səh. 405; İrşadu Mufid, c.2, səh. 163-164. 27. Üsuli-Kafi, c.1, səh. 471. 28. İrşadu Mufid, c.2, səh. 159; Mənaqib, c.4, səh. 201; Kəşful-ğummə, c.2, səh. 330; Əl-Fusulul-muhimmə, səh. 213; Biharul-ənvar, c.46, səh. 287. 29. Mənaqib, c.2, səh. 295; Əimmətuna, c.1, səh. 351. 30. Hüseyn ibn Əli Əl-Vəşa imamiyyənin seçilmiş şəxsiyyətlərindən və imam Rzanın (ə) səhabələrindən biridir və Nəcaşi onun barəsində belə demişdir: «كان من وجوه هذه الطائفة» و «كان عينا من عيون هذه الطائفة». (“Əyanuş-şiə”, c.5, səh. 195) 31. Əyanuş-şiə, c.5, səh. 194. 32. Biharul-ənvar, c.46, səh. 355. 33. Ehqaqul-həqq, c.12, səh. 189. 34. Biharul-ənvar, c.46, səh. 295; Ə-Ənvarul-bəhiyyə, səh. 122; Əyanuş-şiə, c.1, səh. 653. 35. Biharul-ənvar, c.46, səh. 287; Kəşful-ğummə, c.2, səh. 334. 36. İrşadu Mufid, c.2, səh.146; Rovzətul-vaizin, c.1, səh. 204. 37. İbn Şəhr Aşub, Mənaqib, c.4, səh. 207; Biharul-ənvar, c.46, səh. 289. 38. İbn Quteybə, Uyunil-əxbar, c.3, səh. 66; “Biharul-ənvar”, c.11, səh. 86. 39. “Biharul-ənvar”, c.46, səh. 301. 40. Mürciə məzhəbi qondarma və batil məzhəblərdən biridir və onun tərəfdarları əmələ etiqadlı deyillər. İman iddiası ilə istədiklərini edirlər və məsumların hədislərində lənətlənmişdirlər. Müraciət edin: “Fərqu bəynəl-firəq.” 41. “İləluş-şəraye”, səh. 528; “Biharul-ənvar”, c.103, səh. 142. 42. “Biharul-ənvar”, c.46, səh. 299. 43. “Təbəqatu İbn Səd”, c.5, səh. 321; “Əlamun-nubəla”, c.4, səh. 407. 44. “Biharul-ənvar”, c.46, səh. 292. 45. “Firəquş-şiə”, səh. 61; “Elamul-vərə”, Zilhəccə ayı sözünün yerinə Rəbiül-əvvəl sözünü qeyd etmişdir, səh. 259. 46. “Tarixe Yəqubi”, c.2, səh. 320; “Təzkirətul-xəvas”, səh. 306; “Əl-Fusulul-muhimmə”, səh. 220; “Əxbarud-duvəl və asarul-əvvəl”, səh. 11, “İsafur-Rağib”, səh. 195; Mazandarani, “Nurul-əbsar”, səh. 66. 47. “Kəşful-ğummə”, c.2, səh. 322; “Vəfiyyatul-əyan”, c.4, səh. 174, “Tarixe Əbül-Vəfa”, c.1, səh. 248; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248; “Əyanuş-şiə”, c.1, səh. 650. 48. “Əl-Muxtəsəru fi əxbaril-bəşər”, c.1, səh. 203; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248. 49. “Əl-Muxtəsəru fi əxbaril-bəşər”, c.1, səh. 203; “Tətimmətul-muxtəsər”, c.1, səh. 248. 50. İbn Əsir, “Kamil”, c.5, səh. 180. 51. “Masərul-ənafə fi məalimul-xilafə”, c.1, səh. 152. 52. “Təbəqatul-kubra”, c.5, səh. 238; “Üsuli-Kafi”, c.2, səh. 372; “Tarixe Qom”, səh. 197; “İrşadu mufid”, c.2, səh. 156; “Dəlailul-əimmə”, səh. 94; “Tarixu Muvalid”, səh. 118, “Mənaqib”, c.4, səh. 210; “Seyru əlamun-nubəla”, c.4, səh. 409; “Əl-Ənvarul-bəhiyyə”, səh. 126; “Tarixe İbn Xəldun”, c.2, səh. 23; “Umdətut-talib”, səh. 137; “Şəzəratuz-zəhəb”, c.1, səh. 149.

İmam Muhəmməd Baqir (ə) 24.01.2025

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən Məhəmməd ibn Münkədir gözlənilmədən Mədinənin xaricində yerləşən bir məntəqə ikən, qəflətən gözü canlı-cüssəli bir kişiyə sataşdı və məlum oldu ki, o, belə qızmar havada özünün əkin yerinə baş çəkməyə gəlmişdir. Məhəmməd ibn Münkədir öz-özünə fikirləşdi: “Bu kişi kimdir ki, belə isti havada dünya işləri ilə məşğuldur?” Bir qədər yaxınlaşdıqda, gördüyü mənzərə onun təəccübünü daha da artırdı. Həmin şəxs imam Məhəmməd Baqir (ə) idi. Belə şərafətli bir şəxsin nə üçün dünyəvi işlərlə məşğul olmasını düşünərək ona nəsihət vermək qərarına gəldi. Yaxına gəlib salam verdi. İmam Baqir (ə) nəfəsini dərə-dərə və alnından tər axa-axa onun salamının cavabını verdi. Onunla imam Baqir (ə) arasında belə bir söhbət baş verdi: Zahid dedi: “Sizin kimi şərif bir şəxsə belə bir istidə, xüsusilə, iricüssəli bədənə malik olduğunuz halda dünya dalınca düşmək yaraşarmı?! Belə bir zəhmətə nə üçün qatlaşırsınız?! Əcəlin nə vaxt yetəcəyi və kimin nə vaxt öləcəyi məlum deyil. Allah eləməmiş, birdən sizi bu halda ölüm yaxalasa, sizin üçün hansı çətinliklər meydana çıxacaq? “ İmam Baqir (ə) buyurdu: “Əgər bu halda mənim əcəlim yetərsə və mən ölərəmsə, vəzifəmi yerinə yetirərərkən və ibadət halında dünyadan getmiş olaram, çünkü bu, Allaha itaət və Ona ümidvar olmaqdır. Sən güman edirsən ki, ibadət yalnız namaz, zikr və duadan ibarətdir? Mənim həyatımın ehtiyacları var. Əgər işləməsəm və zəhmət çəkməsəm, onda, gərək ehtiyacımı ödəmək üçün əlimi sən və sənin kimilərə uzadam. Mən ruzi qazanmaq üçün çalışıram ki, kiməsə möhtac olmayım. Ölümün yetişməsindən o vaxt qorxmalıyam ki, Allah qarşısında günah etmiş və Allahın fərmanından boyun qaçırmış olum, yoxsa, hal-hazırda Allah əmrinə itaətdəyəm və başqalarına yük olmadan ruzi qazanıram.” Zahid dedi: “Mən necə də səhvə yol vermişəm. Elə güman edirdim ki, başqasına nəsihət edirəm, amma indi başa düşdüm ki, özüm səhvdəyəm və mənəm ki, nəsihətə möhtacam!” (“Biharul-ənvar”, 11-ci cild, səh.82; “Məcmueyi-asar”, Əllamə Şəhid Mürtəza Mütəhhəri, 18-ci cild, səh.237.) (Maide.Az)

İmam Muhəmməd Baqir (ə) 24.01.2025

İmam Baqir (əleyhissəlam) Şamda

İmam Baqir (əleyhissəlam) Şamda İmam Baqir əleyhissəlamın şərəfli həyatının mühüm hadisələrindən biri də, o Həzrətin Şama səfəridir. İmam Baqir əleyhissəlamın müasiri olmuş Hişam ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın camaat arasındakı məhəbbət və nüfuzundan daima qorxmuş, o Həzrətin ardıcıllarının (şiələrinin) onu “İmam” kimi tanımasını bildiyi üçün həmişə onun mə’nəvi nüfuzunun və eləcə də, şiələrinin artmasının qarşısını almağa çalışmışdır. İmam Baqir (əleyhissəlam) bir dəfə öz əziz oğlu Cə’fər ibn Məhəmməd (əleyhissəlam) (İmam Sadiq (əleyhissəlam)) ilə həcc ziyarətinə getdiyi il Hişam da həcc ziyarətinə gəlmişdi. Həcc mövsümü zamanı İmam Sadiq (əleyhissəlam) bir dəstə müsəlman arasında Əhli-beytin (əleyhimussəlam) fəzilət və İmaməti barədə söhbət etmiş, bu söhbət dövlət mə’murları tərəfindən dərhal Hişama çatdırılmışdı. İmam Baqir əleyhissəlamı öz hökuməti üçün daima təhlükəli hesab edən Hişam bu söhbətdən bərk qəzəbləndi, ancaq (bəlkə də, məsləhət belə olmuşdur) həcc mövsümü zamanı ona və həmçinin, oğlu İmam Sadiq əleyhissəlama heç bir zərər yetirmədi. Lakin paytaxta (Dəməşqə) qayıtdıqdan dərhal sonra Mədinənin valisinə əmr etdi ki, İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı Şama (Dəməşqə) göndərsin. İmam Baqir (əleyhissəlam) məcbur olub əziz oğlu İmam Sadiq əleyhissəlamla birgə Şama getdi. Hişam öz əzəmətini göstərmək və eləcə də, öz xəyalına əsasən, İmam Baqir əleyhissəlamın məqamını azaltmaq üçün üç gün o Həzrətə görüş icazəsi vermədi. Bəlkə də, bu üç gün ərzində o, İmam əleyhissəlamla necə üz-üzə gəlmək və o Həzrətin məqamını camaat arasında necə gözdən salmaq haqda tədbir tökürdü. Ox atma yarışı Əgər Hişamın hökumət sarayı elm mərkəzi olsaydı, bəlkə də, o, seçilmiş alimləri yığıb elmi müzakirələr təşkil edərdi. Ancaq Əməvi xəlifələrinin, o cümlədən də, Hişamın sarayı bu cür alimlərdən məhrum olduğundan, şair, dastan söyləyən və məddahların alimlərin yerini tutduğundan Hişam belə bir məclis təşkil etmək qərarına gəlmədi. O, çox yaxşı bilirdi ki, əgər elmi müzakirə yolu ilə İmam Baqir əleyhissəlamla mübarizə etsə, onun sarayındakılardan heç kəs İmamın öhdəsindən gələ bilməyəcək. Buna görə də, belə qərara gəldi ki, (öz fikrində qələbə qazanacağını yəqin edib) başqa bir yolla mübarizə etsin. Bəli, təəccüblü də olsa, Hişam ox atma yarışı təşkil edib İmam Baqir əleyhissəlamı da ora də’vət etmək qərarına gəldi. O bu yolla İmam əleyhissəlamı məğlub edib camaatın gözündə kiçiltmək istəyirdi. Bu məqsədlə İmam Baqir (əleyhissəlam) hökumət sarayına daxil olmazdan qabaq Hişam sarayın bir neçə işçisinə əmr etdi ki, nişangah qoyub ox atmaqla məşğul olsunlar. İmam Baqir (əleyhissəlam) məclisə daxil olub bir qədər əyləşdi. Birdən Hişam üzünü İmam əleyhissəlama tutub dedi: “Ox atma yarışında iştirak etmək istəyirsinizmi?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Mən artıq qocalmışam, ox atmaq vaxtım ötüb keçib, məni üzürlü sayın.” Yaxşı fürsət tapıb İmam Baqir əleyhissəlamı məğlubiyyətin iki addımlığında durduğunu güman edən Hişam israr edib ona and verdi. Eyni zamanda Bəni-Üməyyə böyüklərindən birinə işarə etdi ki, öz ox-kamanını İmam Baqir əleyhissəlama versin. İmam əlini uzadıb kamanı tutdu, bir ox qoyub yayı dartdı. Ox düz nişangahın ortasına sancıldı. Sonra ikinci oxu qoyub atdı, ox birinci oxun ortasına batıb onu sındıraraq hədəfə sancıldı. Üçüncü ox da ikinci oxu sındırıb nişangaha sancıldı. Beləliklə, doqquz ox atdı və oxların hər biri özündən qabaqkı oxu sındırıb düz nişangahın ortasına sancıldı. Bu heyranedici hadisə hamını mat-məəttəl qoyub hamını o Həzrəti alqışlamağa məcbur etdi. Gümanı yanlış çıxan və planı puç olan Hişam bərk narahat olub özündən ixtiyarsız olaraq dedi: “Afərin sənə, ey Cə’fərin atası! Sən ərəb və əcəmin (qeyri-ərəbin) ox atanlarının ən üstünüsən. Bəs deyirdin qocalmışam?” Bu vaxt Hişam başını aşağı salıb bir qədər fikrə getdi. Sonra İmam Baqir (əleyhissəlam) və oğlu İmam Sadiq əleyhissəlamı öz yanında xüsusi yerdə otuzdurub onlarla çox hörmətlə davrandı. Daha sonra üzünü İmam əleyhissəlama tutub soruşdu: “Qüreyş sənin sayəndə bütün ərəb və əcəmə ağalıq etməyə layiqdir. Belə ox atmağı kim sənə öyrətmiş və bunu nə vaxta öyrənmisən?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Özün bilirsən ki, Mədinə camaatı bu işə adət edib, mən də cavanlıqda bir müddət bu işlə məşğul olmuş, sonra isə tərk etmişəm. Bu gün sən israr etdiyin üçün qəbul etdim.” Hişam dedi: “Cə’fər (İmam Sadiq (əleyhissəlam)) də ox atmaqda sənin kimi məharətlidir?” İmam Baqir (əleyhissəlam) buyurdu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan ne’mətimi [Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i.a] tamamladım”[1] ayəsində buyurulmuş kamil din və tamamlanmış ne’mət bizik. Biz Peyğəmbər ailəsi (İmamət və rəhbərliyi) bir-birimizdən irs aparırıq və əsla yer üzü bu cür bir şəxsiyyətdən (İlahi hüccətdən) boş olmaz.”[2] [1] “Maidә” surәsi, ayә 3. [2] Dәlailül-imamәt, sәh.105.

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

Elmləri fəth edən, bilik qapılarını açan

Elmləri fəth edən, bilik qapılarını açan İmam Baqir əleyhissəlamın parlaq elmi əsərləri və İslam cəmiyyətinə təhvil verdiyi dəyərli şagirdləri İslam Peyğəmbərinin uzaqgörənliyini çin çıxartdı. Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini ehtiva edən bu hədisin ravisi (rəvayətçisi) İslamın ilkin çağlarının görkəmli şəxsiyyətlərindən biri olan Cabir ibn Abdullah Ənsaridir. İslam Peyğəmbərinin dostlarından olan və o Həzrətin ailəsinə xüsusi əlaqə ilə yanaşan Cabir deyir: “Bir gün Peyğəmbər (səlləllahu əleyhi və alih) mənə buyurdu: “Məndən sonra mənim nəslimdən olan elə bir şəxsi görəcəksən ki, onun adı mənim adıma, özü də mənə oxşayacaq. O, elm qapılarını camaatın üzünə açacaq.” İslam Peyğəmbəri bunu deyəndə hələ İmam Baqir (əleyhissəlam) dünyaya gəlməmişdi. Bu hadisədən neçə illər ötdü. Dördüncü İmamın dövrü yetişdi. Bir gün Cabir Mədinənin küçələrinin birindən keçəndə, gözü Həzrət Baqir əleyhissəlama sataşdı. Gördü ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) buyurduğu bütün nişanələr onda var. Soruşdu: “Adın nədir?” Həzrət Baqir (əleyhissəlam) buyurdu: “Adım Məhəmməd ibn Əli ibn Hüseyndir.” Cabir onun alnından öpüb buyurdu: “Cəddin Peyğəmbər (səlləllahu əleyhi və alih) mənim vasitəmlə sənə salam göndərdi.” Cabir o gündən e’tibarən İslam Peyğəmbərinin hörmətini qorumaq və İmam Baqir əleyhissəlamın əzəmətini göstərmək məqsədilə gündə iki dəfə o Həzrətin görüşünə gedərdi. Cabir Peyğəmbər məscidində camaatın arasında oturub (İmam Baqir əleyhissəlamın işlərinə irad tutan bə’zi şəxslərin cavabında) Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənliyini rəvayət edirdi.[1] Bir incəlik Burada qeyd etməliyik ki, Cabirin İmam Baqir (əleyhissəlam) ilə görüşü və Peyğəmbərin (səlləllahu əleyhi və alih) salamını İmama çatdırması Ricali-Kəşşi, Kəşfül-ğümmə, Əmaliyi-Səduq, Əmaliyi-Şeyx Tusi, İxtisasi-Müfid və bu kimi kitablarda müxtəlif rəvayətlər və bir-birinə oxşar məzmunlarla qeyd olunmuşdur. Bu rəvayətlər iki cəhətdən bir-birinə zidd nəzərə yetişir: 1) Bu rəvayətlərin bir qisminin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı Mədinə küçələrinin birində görmüş, ikinci qismi rəvayətlərin mə’nasından belə başa düşülür ki, Cabir İmam Baqir əleyhissəlamı İmam Zeynül-abidin əleyhissəlamın (yə’ni atasının) evində görmüş, üçüncü qisim rəvayətlərdən isə belə başa düşülür ki, İmam Baqir (əleyhissəlam) özü Cabirin yanına getmiş, Cabir də onu orada tanımışdır. 2) Bu rəvayətlərin bə’zisində deyilir ki, Cabir həmin vaxt kor olmuş, bə’zilərində isə deyilir ki, Cabir diqqətlə İmam Baqir əleyhissəlamı nəzərdən keçirtdi. Təbii ki, bu məsələ Cabirin kor olması ilə heç də uyğun gəlmir. Birinci ziddiyyətin cavabında deməliyik ki, bir az diqqət etsək, bu rəvayətlər arasında heç bir ziddiyyət olmadığını görərik. Çünki bə’zi faktlar göstərir ki, Cabirin Peyğəmbər ailəsi ilə xüsusi əlaqə və məhəbbəti olduğundan Peyğəmbərin (səlləllahu əleyhi və alih) uzaqgörənlik və İmam Baqir (əleyhissəlam) üçün göndərdiyi salamı dəfələrlə təkrar edir, bu yolla da İmam Baqir əleyhissəlamın məqamının və əzəmətinin yaxşı aydın olmasını istəyirdi. Belə olduqda bu məsələnin bir neçə dəfə müxtəlif yerlərdə təkrar olunmasının nə eybi var? İkinci ziddiyyətin cavabı isə budur ki, Cabirin İmam Baqir əleyhissəlamı görüb onu diqqətlə nəzərdən keçirməsindən söhbət edən rəvayətlər ola bilsin onun kor olmazdan qabaqkı vaxtına aiddir. Belə ki, Şeyx Müfid İmam Baqir əleyhissəlamdan rəvayət edir: Cabir ibn Abdullah Ənsarinin yanına gedib ona salam verdim. Salamımın cavabını alıb soruşdu: “Kimsən?” Bu hadisə onun gözləri tutulandan sonra olmuşdur.[2] Bu rəvayətə bənzər digər birisini də Səbt ibn əl-Cuzi nəql etmişdir.[3] İctimai-siyasi durum Qeyd etdik ki, İmam Baqir (əleyhissəlam) beş Əməvi xəlifəsinin müasiri olmuşdur. İndi isə İmam Baqir əleyhissəlamın hansı ictimai-siyasi şəraitdə yaşadığını bilmək üçün o Həzrətin müasiri olmuş xəlifələrin idarə sistemindəki xüsusiyyətlərini izah edirik. Vəlid ibn Əbdülməlik Vəlid ibn Əbdülməlik İmam Baqir əleyhissəlamın müasiri olmuş ilk xəlifədir. Onun xüsusiyyətləri barədə İmam Səccad əleyhissəlamın həyatı bölməsində şərh verdiyimiz üçün burada təkcə bunu əlavə edib deyirik: Vəlidin hakimiyyət dövrü müsəlmanların kafirlərlə mübarizədə zəfər və qələbə dövrü olmuşdur. Onun hakimiyyəti dövründə xilafət ərazisi həm Şərqə, həm də Qərbə doğru genişləndi. Vəlid öz hakimiyyəti zamanı ölkədə hökm sürən asayiş nəticəsində özündən qabaqkı xəlifələrin dövründə ələ gəlmiş qələbələri davam etdirə bildi. Buna görə də, onun hakimiyyət dairəsi Şərq və Qərb istiqamətlərində genişlənərək Hindistanın bir hissəsi, həmçinin, Kabul, Kaşğar, Tus və bir çox digər böyük ərazilər geniş İslam ölkəsinə birləşdirildi. Onun zəfərləri İspaniyaya qədər gedib çatmış, İspan imperiyasının qoşunları Musa ibn Nüseyrin başçılığı altında idarə olunan İslam ordusu ilə mübarizədə məğlub olmuş və bu ölkə müsəlmanların əlinə keçmişdi.[4] Süleyman ibn Əbdülməlik Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O, üç ildən çox hakimiyyətdə qalmamışdır.[5] Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış, İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş, Yusif ibn Həccacın maliyyə işlərinə tə’yin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi. İntiqam alovu Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O, sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların tə’siri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə mə’ruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi.[6] O, həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bə’zilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.[7] “İslamın siyasi tarixi” kitabının müəllifi yazır: “Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bə’zilərinə məhəbbətlə yanaşır, bə’zilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim, Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”[8] Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki, burada bu barədə çox söhbət etmək mümkün deyil. Hökumət sarayının özbaşınalığı və fəsad işləri Süleman ibn Əbdülməlik çox acgöz, qarınqulu, kefcil və gözəllikpərəst bir adam olmuşdur. O, bir neçə adi adamın yediyi qədər yemək yeyərdi. Onun üçün açılmış süfrələr həmişə təmtəraqlı olardı. O, lə’l-cəvahiratla bəzədilmiş, qıraqları zərli saplarla toxunulmuş qiymətli paltarlar geyər və bu işdə o qədər ifrata yol verərdi ki, hətta onun aşbazxana işçilərinin onun yanına adi paltarda gedib-gəlməsinə icazə verməzdi. Onlar məcbur idilər ki, onun yanına gedəndə rəngli və üzərində ipək saplarla işlənilmiş paltarlar geysinlər. Hökumət sarayındakı bu gözəllikpərəstlik yavaş-yavaş digər şəhərlərə də gəlib çıxdı, Yəmən, Kufə və İskəndəriyyə şəhərlərində də camaat bu cür paltarlar geyməyə öyrəşdi.[9] [1] Biharül-әnvar, c.46, sәh.226. [2] Əl-İrşad, sәh.262. [3] Tәzkirәtül-xәvass, sәh.337. [4] İspaniya, yaxud müsәlmanların Avropada hakimiyyәti, sәh. 17-18. [5] Əl-Kamilu fit-tarix, c.5, sәh.11 vә 37. [6] Tarixi-sәdril-İslam vәd-dövlәtül-Əmәviyyә, sәh.197. [7] Müxtәsәri-tarixil-әrәb, sәh.125. [8] İslamın siyasi tarixi (Doktor İbrahim Hәsәn), c.1, sәh.401. [9] Mürucuz-zәhәb, c.3, sәh.175.

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat

İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.[1] Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cə’fər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata, həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş,[2] məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur. İmam Baqir əleyhissəlamın müasiri olmuş xəlifələr Aşağıda adları çəkilmiş xəlifələr İmam Baqir əleyhissəlamın İmaməti dövründə onun müasiri olmuşlar: Vəlid ibn Əbdülməlik (86-96 h.q); Süleyman ibn Əbdülməlik (96-99 h.q); Ömər ibn Əbdüləziz (99-101 h.q); Yezid ibn Əbdülməlik (101-105 h.q); Hişam ibn Əbdülməlik (105-125 h.q); Bu xəlifələrin hamısı Ömər ibn Əbdüləziz istisna olmaqla (o, nisbətən ədalətli və Peyğəmbər ailəsinə mehriban idi) zalım olmuş, zülm və haqsızlıqda heç də ata-babalarından geri qalmamış, xüsusən də, İmam Baqir əleyhissəlama çox zülm etmişlər. Elmi inqilabın banisi İmam Məhəmməd Baqir (əleyhissəlam) öz İmaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib onu meydana çıxarmağa başladı. O Həzrət elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cə’fər Sadiq əleyhissəlamın İmaməti dövründə tə’sis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (əleyhissəlam) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni–Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tə’rifinə çevrilmişdi. O Həzrətdən İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (əleyhissəlam), İmam Hüseyn əleyhissəlamın övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir.[3] O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər səhabələrindən sağ qalanlar o Həzrətdən istifadə edirdilər. Cabir ibn Yezid Cü’fi, Kisan Sicistani,[4] həmçinin, İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını gah bilavasitə, gah da bir neçə vasitə ilə rəvayət edərlərmiş. Sünni məzhəbinin ən mö’təbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mö’təbər qaynaqlarından olan Müvəttəi-Malik, Sünəni-Əbu Davud, Müsnədi-Əbu Hənifə, Müsnədi-Mərvəzi, Təfsiri-Nəqqaş, Təfsiri-Zəməxşəri (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqir əleyhissəlamın mə’nalı sözləri ilə doludur və onların hər yerində “Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) buyurmuşdur” yaxud “Məhəmməd Baqir (əleyhissəlam) buyurmuşdur” ifadəsi gözə dəyir.[5] Şiə kitabları da, müxtəlif sahələrdə İmam Baqir əleyhissəlamın rəvayət və hədisləri ilə doludur. Bu kitablarla azca tanışlığı olan şəxs bu həqiqəti təsdiq edər. İmam Baqir (əleyhissəlam) alimlər baxımından İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı. İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş, həmçinin, əhkam və hikmətlərin həqiqətlərini, elmin incəliklərini bəyan etmişdi ki, bu məsələ bəsirət sahibi olmayan, ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən, elm bayrağını ucaldan adlandırmışlar.”[6] İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əli əleyhissəlamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqir əleyhissəlamın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən, onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”[7] İmam Baqir (əleyhissəlam) öz sözlərində adətən Qur’an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki, bu, Qur’anın harasındadır, mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”[8] İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri İmam Baqir (əleyhissəlam) fiqh, hədis, təfsir və sair İslami elmlər sahəsində seçilmiş şagirdlər yetirmişdir. Onların hər biri böyük elmi şəxsiyyət hesab olunurdu. Məhəmməd ibn Müslim, Zürarə ibn Ə’yün, Əbu Bəsir, Büreyd ibn Müaviyə Əcli, Cabir ibn Yezid, Həmran ibn Ə’yun, Hişam ibn Salim kimi dahi şəxsiyyətlər İmam Baqir əleyhissəlamın yetirmələri olmuşlar. İmam Sadiq (əleyhissəlam) buyurardı: “Bizim məktəbi və atamın hədislərini dörd nəfər dirçəltdi. O dörd nəfər Zürarə, Əbu Bəsir, Məhəmməd ibn Müslim və Büreyd ibn Müaviyə Əcli olmuşdur. Əgər bunlar olmasaydı, bir nəfər din tə’limatı və Peyğəmbər məktəbindən istifadə edə bilməzdi. Bu neçə nəfər dinin gözətçiləri olmuşdur. Onlar dövrümüzdə yaşayan şiələrimiz arasında bizim məktəblə tanış olan ilk şəxslər olmuş, Qiyamətdə də hamıdan qabaq bizə qovuşanlar məhz onlar olacaqlar.”[9] İmam Baqir əleyhissəlamın şagirdləri öz dövrlərinin fəqih və hədisçilərinin başbilənləri olmuş, elmi mübarizə meydanında qeyri–şiə fəqih və qazılarından üstün idilər. [1] “Üsuli-kafi”, c. 1, sәh. 469; “İrşad”, Şeyx Müfid, sәh. 262; “E`lamül Vәra”, Tәbәrsi, sәh. 264. [2] Hәmin mәnbәlәr. [3] Əl-İrşad, sәh.261. [4] Bu iki nәfәr Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) şәxsәn görmәmiş, lakin Peyğәmbәr (sәllәllahu әleyhi vә alih) sәhabәlәrini görmüşdülәr. Yә᾽ni tabeinlәrdәn idilәr. [5] Mәnaqibi Ali-Əbu Talib, c.4, sәh.195. [6] Əs-Sәvaiqül-mühriqә, sәh.201. [7] Tәzkirәtül-xәvas, sәh.337; Əl-Bidayәtu vәn-nihayә, c.9, sәh.311. [8] Ehticac, sәh.176. [9] İxtiyari-mә’rifәtir-rical, sәh.136-137.

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

İmam Muhəmməd Baqirin (ə) mövludu

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynül-Abidinindir (ə). Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi. Adı Muhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin (ə) imamət dövrü 18 il olmuşdur. Vəlid ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz , Süleyman ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik və Yezid ibn Əbdülməlik kimi o dövrün xəlifələrinin zamanında yaşayan, İmam Baqir (ə), Ömər ibn Əbdüləziz istisna olmaqla, bu xəlifələrdən zülm və haqsızlıqlar görmüşdür. Zalımlıq və haqsızlıqda heç də ata-babalarından geri qalmamış bu xəlifələr İmam Baqirə (ə) çox zülmlər ediblər. Elmi inqilabın banisi İmam Muhəmməd Baqir (ə), öz imaməti dövründə münasib olmayan bir vəziyyətdə İlahi maarifi nəşr edib, onu meydana çıxarmağa başladı. O Həzrət (ə) elmi çətinlikləri həll etməklə sonradan oğlu İmam Cəfər Sadiqin (ə) imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi. İmam Baqir (ə) elm, zöhd (təqva), fəzilət və əzəmətdə bütün Bəni-Haşim böyüklərini üstələmiş, onun böyük elmi və əxlaqi məqamı dostun da, düşmənin də tərifinə çevrilmişdi. O Həzrətdən (ə) İslami hökmlər, təfsir, İslam tarixi və başqa elmlər sahəsində o qədər hədis və rəvayətlər yadigar qalmışdır ki, o vaxtadək İmam Həsən (ə), İmam Hüseynin (ə) övladlarının heç birindən o qədər rəvayət yetişməmişdir. O dövrün böyük elmi şəxsiyyətləri və eləcə də Peyğəmbər (s) səhabələrindən sağ qalanlar o Həzrətin (ə) elmindən faydalana bilirdilər. Cabir ibn Yəzid Cüfi, Kisan Sicistani, həmçinin İbn Mübarək, Zühri, Uzai, Əbu Hənifə, Malik, Şafei, Ziyad ibn Münzirnəhdi kimi fəqihlər o Həzrətin (ə) elmi əsərlərindən bəhrələnmiş, onun buyurduqlarını həm bilavasitə, həm də bir neçə vasitə ilə rəvayət ediblər. İmam Baqirin (ə) elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki, o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan, elmi müşkülatı həll edən) ləqəbi almışdı. Əhli-təsənnün məzhəbinin ən mötəbər müəlliflərindən hesab edilən Təbəri, Bəlazəri, Səlami, Xətib Bağdadi, Əbu Nəim İsfahani, eləcə də, ən mötəbər qaynaqlarından olan “Müvəttəi-Malik”, “Sünəni-Əbu Davud”, “Müsnədi-Əbu Hənifə”, “Müsnədi-Mərvəzi”, “Təfsiri-Nəqqaş”, “Təfsiri-Zəməxşəri” (Əl-Kəşşaf) və onlarla bu kimi kitablar İmam Baqirin (ə) mənalı sözləri ilə doludur və onların hər yerində “Muhəmməd ibn Əli (ə) buyurmuşdur” yaxud “Muhəmməd Baqir (ə) buyurmuşdur” ifadəsi gözə dəyir./Deyerler.org/

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

İmam Baqir (ə) – Allah elminin xəzinəsi

Kəbənin ətrafı camaatla dolu idi və hamı Allah evini təvaf etməklə məşğul idi. Hər kəs dualarını zümzümə edir və Allahı zikr edirdi. Tavus Yəməni də onların arasında idi və gözü bir cavana dəydi. Zirəkliklə dostlarına dedi: “Mən bu cavanı tanıyıram. Onu sınamaq istəyirəm, məni bu oyunda tək qoymayın”. Hamı toplaşdı və cavana tərəf hərəkət etdilər. (Tebyan/Deyerler.org/) İki rükət namazını qılıb kənarda insanların suallarına cavab verirdi. İnsanlar dəstə-dəstə gəlir və suallarını verirdilər. Tavus öz-özündə düşündü: “Ona elə sual verim ki, cavab verə bilməsin”. Üzünü cavana çevirdi və dedi: “De görüm hansı zaman idi ki, insanların üçdə biri həlak olmuşdular?”. Cavan aram səslə dedi: “Ey Əbdurrəhman! Üçdə biri deyildi, bəlkə dördə biri idi”. Tavus dedi: “Bəli, haqlısan, indi de görüm hansı zaman idi?”. Cavan dedi: “Bu hadisə o zaman baş vermişdi ki, Yer üzündə olan cəmiyyət Həzrət Adəm (ə), Həvva, Qabil və Habil idi. Qabil qardaşını öldürür, halbuki o zamanda Habil cəmiyyətin dördə birini təşkil edirdi”. Tavus dedi: “Niyə Adəmi (ə) belə adlandırıblar?”. Cavan dedi: “Çünki onun xəmir mayası yer üzündə olan torpaqdan götürülmüşdür”. Tavus soruşur: “O nədir ki, azalır və çoxalır? Bir başqası nədir ki, çoxalır, ancaq azalmır? O nədir ki, azalır, ancaq çoxalmır?”. Cavan dedi: “O şey ki, azalır və çoxalır – səmadakı Aydır. O şey ki, çoxalır, ancaq azalmır – dəniz suyudur. O şey ki, azalır, ancaq çoxalmır – insan ömrüdür”. Tavus bu cavabları gözləmirdi və bütün bu sualları doğru cavablandırdığı üçün o, başını aşağı salır və dostları ondan soruşurlar: “Tavus, de görək bu cavan kimdir?”. O, məğlub olmuş halda deyir: “Bütün elmləri açandır”. Bəli, bu cavan İmam Baqir (ə) idi. Allah hamıdan daha yaxşı bilir ki, elmini kimdə qərar versin.  

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

İmam Baqirə (ə) etiraz edən şamlının aqibəti necə oldu?

Mədinədə Şam əhlindən olan bir nəfər sakin olmuşdu. İmam Baqirin (ə) evinə çox gedib-gələrdi. İmama (ə) deyərdi: “Yer üzərində sənin kin və küdurətin qədər heç kəsin kininə malik deyiləm. Səndən əvvəl, nəslindən olan heç kəslə düşmən olmamışam. Bu əqidədəyəm ki, Allaha, Peyğəmbərə (s), Əmirəl-mömininə (ə) itaət – səninlə düşmən olmaqdadır. Əgər sənin evinə gedib-gəldiyimi görürsənsə, bil ki, ona görədir ki, sən ədəbli və xoş bəyanı olan insansan”. Bu sözlərə baxmayaraq, İmam (ə) ona mehribanlıq edərdi. Onunla mülayim danışardı. Bir qədər keçmir ki, həmin şamlı kişi xəstələnir və ölümünün yaxınlaşdığını hiss edir. Vəsiyyət edir ki, əgər ölsəm, İmam Baqir (ə) mənim üçün namaz qılsın. Gecə yarısı olan zaman yaxınları gördü ki, işi bitmişdir. Səhər açılan kimi vəsisi məscidə gəlir və İmam Baqiri (ə) görür ki, sübh namazını sona çatdırır. Həzrət (ə) namazdan sonra təqibatlarla məşğul idi. İmama (ə) yaxınlaşıb deyir: “O şamlı kişi dünyasını dəyişmişdir və vəsiyyət etmişdir ki, siz onun üçün namaz qılasınız”. İmam (ə) buyurur: “O, ölməmişdir. Tələsin ki, mən də gəlirəm”. (Tebyan/Deyerler.org/) İmam (ə) ayağa qalxdı, dəstəmazını təzələyib iki rükət namaz qıldı və əlini dua üçün açdı. Sonra sədcəyə getdi və Günəş çıxana qədər səcdədə qaldı. Sonra həmin şamlı kişinin evinə gəldi və başının yanında əyləşdi. Onu çağırdı və o da cavab verdi. İmam (ə) onu qaldırdı və belini divara söykəyib, şərbət istədi. Onun ağzına tökdü və yaxınlarına göstəriş verdi ki, ona soyuq yeməklər versinlər. Özü isə qayıdıb gəldi. Bir qədər keçməmiş həmin şamlı şəfa tapdı və İmamın (ə) yanına gəldi. O, dedi: “Şəhadət verirəm ki, sən Allahın insanlar üzərində olan hüccətisən”.

İmam Muhəmməd Baqir (ə) 23.01.2025

İmam Muhəmməd Baqirin (ə) mövlud günü

İmam Baqir (ə) hicrətin 57-ci ilində rəcəb ayının 1-də Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Zeynəlabidindir (ə). Atası İmam Səccadın (ə) vəfatı dönəmində (hicri 96-cı il) İmam Baqirin (ə) otuz doqquz yaşı var idi. Adı Məhəmməd, künyəsi Əbu Cəfər, ləqəbləri Baqir, Baqirül-ülum olmuşdur. Anası İmam Həsənin (ə) qızı Ümmü Abdullah olub. Buna görə də, İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən Həzrət Əli (ə) və Xanım Zəhranın (s) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (ə) hicrətin 114-cü ilində Mədinə şəhərində vəfat etmiş, məşhur Bəqi qəbiristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O, Həzrətin (ə) imamət dövrü 18 il olmuşdur. İmam məhəmməd baqirin (ə) kəlamında kamil insan Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq Ayətullah əl-üzma Cəfər Sübhani Əzəm məscidində keçirilən xaric üsul dərsində İmam Məhəmməd Baqirin (ə) buyurduğu bu hədisi nəql edib: “Qiyamət günündə bu üç gözdən başqa bütün gözlər ağlayacaq: Allah yolunda gecələr oyaq qalıb yatmayan göz; Allah qorxusundan ağlayan göz; Allahın haram buyurduqlarına baxmamaq üçün yumulan göz”. Böyük fəqih deyib ki, İmam Baqir (ə) bu qısa kəlamı ilə xəlvət və aşkarda əməl olunması lazım olan əxlaq proqramını açıqlayıb və əməli əxlaqı bizə öyrədib. Təqlid mərcəsi həmçinin vurğulayıb: “Kamil insan o kəsdir ki, proqramı olsun və İmam Baqir (ə) bu proqramı bizə tövsiyə edib”.

1 2