Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Məhəmməd al-Cavad at-Təqinin (ə.s) şəhadət günü

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam Rza (ə), anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı Mariya Qibtiyyənin nəslindən olan misirli Səbikə (Səkinə) Novbiyyə, başqa rəvayətə görə isə Xeyzərandır. O, möminə və əxlaqi fəzilətlərə sahib bir qadın olmuşdur. İmam Rza (ə) onun barəsində buyurmuşdur: “O, pak-pakizə və fəzilətli bir qadındır.” (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529.) İmam Cavad (ə) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə) şəhadətindən sonra, 203-cü hicri-qəməri ilində imamət məqamına çatmış, imamət dövrü on yеddi il sürmüş və iki zülmkar Abbasi xəlifəsinin (Məmun və Mötəsim) dönəmində yaşamışdır. İmam Cavad (ə) 220-ci h.q. ilinin Zil-həccə ayında Mötəsim Abbasinin xilafəti dönəmində (onun göstərişi və vəzirlərindən birinin katibi, başqa rəvayətə görə, o həzrətin həyat yoldaşı Ümmü-Fəzlin vasitəsilə zəhər yedizdirildi və) iyirmi beş yaşında ikən şəhadətə yetərək Kazimeyn şəhərində babası imam Kazimin (ə) məzarının kənarında dəfn olundu. (“Üsuli-kafi”, c.1, səh.492.) İmam Rza (ə) şəhadətə yetdikdən sonra, Məmun Abbasi Mərvdən Bağdada köçdü. O, imam Rzanın (ə) oğlu imam Cavadın (ə) elmi-mənəvi məqamından agah olduğu üçün, o həzrəti Mədinədən Bağdada dəvət etdi. Lakin Abbasi sülaləsinin böyükləri və Məmun Abbasinin yaxınları imam Cavadın (ə) Bağdada dəvət olunmasına dair narazılıqlarını irəli sürdülər. Məxsusən, Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirəcəyi haqda fikrini irəli sürdükdə, narazılıqlar daha da şiddətləndi. Məmun yaxınlarını imam Cavadın (ə) elmi məqamı və fəzilətlərindən agah etmək üçün Bağdadda o həzrətlə dövrün məşhur alimləri arasında elmi mübahisə və münazirə məclisləri təşkil etdi. İmam Cavad (ə) azyaşlı olmasına rəğmən, bu məclislərdə alimlərin suallarını cavablandırdıqda, hamı o həzrətin elmi və zəkası müqabilində diz şökdü. Bu məclislərdən sonra Məmun öz qızını imam Cavadla (ə) evləndirdi. (Sireye-pişvayan”, Mehdi Pişvayi, səh.529-530.) İMAM CAVADIN (Ə) ÖVLADLARI İmam Cavad (ə) Məmun Abbasinin qızı Ümmül-Fəzldən övlad sahibi olmadığından, Ümmü-Vələd ləqəbi ilə məşhurlaşan “Səmanə” adlı digər bir qadınla evləndi və Şeyx Abbas Quminin qeydlərinə əsasən, bu evlilikdən dörd oğul və dörd qız dünyaya göz açdı: 1. İmam Əliyyən-Nəqi (ə); 2. Əbu Əhməd Musa Mübərqə; 3. Əbu Əhməd Hüseyn; 4. Əbu Musa İmran; 5. Fatimə; 2. Xədicə; 3. Ümmü-Gülsüm; 4. Həkimə. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 2-ci cild, səh.446.) Şeyx Müfid isə özünün “İrşad” kitabında imam Cavadın (ə) dörd övladı – iki oğul və iki qızı olduğu haqda məlumat verir: 1. İmam Əliyyən-Nəqi; 2. Əbu Əhməd Musa Mübərqə; 3. Fatimə; 4. Əmamə.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ المَوالِيَ إذا رَكِبتَ أخرَجوكَ مِنَ البابِ الصَّغيرِ، فَإِنَّما ذلِكَ مِن بُخلٍ مِنهُم لِئَلاّ يَنالَ مِنكَ أحَدٌ خَيرًا، وأسأَلُكَ بِحَقّي عَلَيكَ لا يَكُن مَدخَلُكَ ومَخرَجُكَ إلاّ مِنَ البابِ الكَبيرِ، فَإِذا رَكِبتَ فَليَكُن مَعَكَ ذَهَبٌ وفِضَّةٌ، ثُمَّ لا يَسأَلُكَ أحَدٌ إلاّ أعطَيتَهُ، ومَن سَأَلَكَ مِن عُمومَتِكَ أن تَبِرَّهُ فَلا تُعطِهِ أقَلَّ مِن خَمسينَ دينارًا والكَثيرُ إلَيكَ، ومَن سَأَلَكَ مِن عَمّاتِكَ فَلا تُعطِها أقَلَّ مِن خَمسَةٍ وعِشرينَ دينارًا والكَثيرُ إلَيكَ، إنّي إنَّما اُريدُ بِذلِكَ أن يَرفَعَكَ اللّهُ، فَأَنفِق ولا تَخشَ مِن ذِي العَرشِ إقتارًا İmam Rzanın (ə) oğlu İmam Cavada (ə) məktubunu oxuyurdum və orada belə yazılmışdı: “Ey Əbu Cəfər (İmam Cavadın künyəsidir), mənə xəbər çatıb ki, (evdən çıxıb) miniyinə mindikdə, xidmətçilərin səni kiçik (arxa) qapıdan yola salırlar. Bu da ki, onların paxıllıqları üzündəndir. Onlar istəmirlər ki, sənin bir kəsə xeyrin dəysin. Üzərində olan haqqımı nəzərə alıb, sənə böyük (giriş) qapıdan get-gəl etməyi tapşırıram Hər dəfə evdən çıxdıqda, özünlə müəyyən qədər qızıl-gümüş (pul) götür ki, səndən bir şey istəyəni əliboş qaytarmayasan. Əmilərindən sənə ehtiyacı olana əlli dinardan az pul vermə, artığını isə özün bilərsən. Bibilərindən də sənə ehtiyacı olana iyirmi beş dinardan az pul vermə, ondan çoxu isə sənə aiddir. Arzum budur ki, bu işlərlə Allah-Taala səni ucaltsın. Malını (Allah yolunda) xərc et və ərş sahibi (Allah) tərəfindən də yoxsulluq qorxusu keçirmə!” (“Əl-kafi”, c.4, səh.34, hədis 5.) Maide.az

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavadın (ə) həyatına qısa bir baxış

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.) Rza Şükürlü  (Maide.Az) 

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Məhəmməd Təqi (əleyhis-salam) kimi azyaşlı bir insanın imamətini necə qəbul etmək olar?

Ətraflı cavab: İnsanın əqli və cismanı cəhətdən yetkinləşməsi üçün zaman əhəmiyyətli rol oynayır və həmin zaman yetişməyincə insanın ruhu və orqanizmi kamillik həddinə çatmır. Lakin nə maneəsi var ki, qadir və həkim olan Allah məsləhət üzündən bu zamanı bəzi xas bəndələri üçün azaldıb qısa illərlə xülasə etsin? Bəşər tarixini vərəqlədikdə bu günə qədər bu adi qaydadan müstəsna olmuş və uca Allah tərəfindən onlara olunan xüsusi lütfün sayəsində uşaqlıq çağlarında ümmətin rəhbərlik məqamına layiq görülmüş insanlara da rast gəlmək mümkündür. Mövzunu daha yaxşı dərk etmək üçün bu istisnalardan bir neçəsinə işarə edək: 1. Qurani-Kərim Həzrət Yəhya və onun uşaqlıq yaşlarında peyğəmbərliyə çatması haqda buyurur:   یا یَحْیى‏ خُذِ الْکِتابَ بِقُوَّهٍ وَ آتَیْناهُ الْحُکْمَ صَبِیًّا   Ey Yəhya! Kitabı tam gücünlə al. Biz hökmü (peyğəmbərlik fərmanını) uşaqlıqda ona bəxş etdik. (1)   Təfsirçilərdən bəziləri “hökm” sözünü bu ayədə istedad və dərrakə kimi izah etmişdir. Bəzi alimlər isə bu sözün peyğəmbərliyə işarə olduğunu vurğulamışlar. Ayədən öncəki cümlə sonuncu nəzəriyyəni təsdiqləyir:   یا یَحْیى خُذِ الْکِتابَ بِقُوَّه   Kitabın verilməsi peyğəmbərlik əlamətidir. Bu halda “hökm” kəlməsini “peyğəmbərlik” mənasına götürmək lazımdır.   2. Uşağın dil açıb danışması üçün adətən on iki ayın ötməsi lazım gəlir. Amma bildiyimiz kimi Həzrət İsa (əleyhis-salam) təvəllüdünün ilk günlərində danışmağa başladı və sözləri ilə anasını tutarlı şəkildə müdafiə etdi. Anası ərə getmədiyi bir halda Allahın qüdrəti ilə hamilə olub dünyaya uşaq gətirdiyinə görə ittiham və təhqirlərə məruz qalmışdı. Allahın peyğəmbəri məntiqli dəlilləri ilə düşmənlərin yersiz ittihamını rədd etdi. Halbuki bu məntiqlə nitq söyləmək yaşlı insanlara xasdır. Qurani-Kərim onun sözlərini belə nəql edir:   قالَ اِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتابَ وَ جَعَلَنِی نَبِیًّا وَ جَعَلَنِی مُبارَکاً اَیْنَ ما کُنْتُ وَ اَوْصانِی بِالصَّلاهِ وَ الزَّکاهِ ما دُمْتُ حَیًّا وَ بَرًّا بِوالِدَتِی وَ لَمْ یَجْعَلْنِی جَبَّاراً شَقِیًّا   (İsa qəflətən dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namazı və zəkatı tapşırıb. Və məni anama xeyirxah edib, zülmkar və şəqavətli etməyib. (2)   Bütün bu deyilənlərdən bu nəticəyə gəlmək olar ki, imamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir. Həmçinin İmamların həyatını mütaliə etdikdə görürük ki, bu suallar onların öz zamanında, ələlxüsus İmam Cavadın (əleyhis-salam) əsrində də aktual idi. Onlar da belə sualları eyni dəlillərlə cavablandırırdılar. Məsələn: 1. İmam Rzanın və İmam Cavadın (ə) tərəfdaşlarından biri olan Əli ibn Əsbat nəql edir: Bir gün İmam Cavadın görüşünə getdim. Görüşərkən onun üzünə diqqətlə tamaşa etməyə başladım ki, zahiri görünüşünü yadda saxlayıb Misirə qayıdandan sonra onun şiələrinə danışım. (3) Elə bu vaxt İmam Cavad (əleyhis-salam) sanki mənim fikrimi oxumuş kimi qarşımda əyləşdi və mənə nəzər salıb dedi: Əli ibn Əsbat! Allahın imamətlə əlaqədar gördüyü iş eynilə onun peyğəmbərliklə əlaqədar gördüyü işdir. Allah-taala Həzrət Yəhya (əleyhis-salam) haqqında buyurur: “Biz Yəhyaya uşaqlıq çağlarında peyğəmbərlik fərmanı verdik.” (4) Həzrət Yusif barəsində buyurur: “O, yetkinlik çağlarına çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (5) Eləcə də Həzrət Musa (əleyhis-salam) ilə bağlı buyurur: “O, yetkinlik dövrlərinə çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (6) Demək, Allah-taala bir insana elm və hikməti qırx yaşında, digər bir insana isə həmin hikməti uşaqlıq çağlarında bəxş edə bilər. (7) 2. İmam Rzanın (əleyhis-salam) səhabələrindən biri nəql edir: Xorasanda İmam Rzanın (əleyhis-salam) hüzurunda idik. Orada əyləşənlərdən biri İmamdan soruşdu: – Sərvərim! Bir hadisə baş versə (başınıza bir iş gəlsə), biz kimə müraciət etməliyik? İmam dedi: – Övladım Əbu Cəfərə.(8) Sualı soruşan adam Həzrət Cavadın (əleyhis-salam) azyaşlı olduğunu söylədi. İmam (əleyhis-salam) dedi: – Allah-taala İsa ibn Məryəmi Əbu Cəfərin yaşından daha kiçik yaşlarda peyğəmbər və yeni şəriət sahibi qərar verdi. (9).   3. İmam Rza (əleyhis-salam) Muəmmər ibn Xəlad adlı səhabəsinə dedi: “Mən Əbu Cəfəri öz yerimə əyləşdirdim və onu öz canişinim seçdim. Biz elə bir xanədanıq ki, kiçiklərimiz hər bir şeyi böyüklərimizdən irs apararlar.” (10)   4. Hicri qəməri tarixi ilə 3-cü əsrin əvvəllərində doqquz yaşlı uşağın imaməti əsrin fəqih və mütəkəllim alimləri arasında təəccüb doğururdu. Məmun Abbasi isə işin həqiqətindən agah idi. O, məsələyə aydınlıq gətirmək üçün hamını Həzrət Cavadla (ə) elmi mübahisəyə çağırdı. Azyaşlı uşağın alim və mütəfəkkir insanlarla apardığı elmi mübahisələr nəfəsləri sinələrdə həbs etdi, baxışları yerə çökdürdü. Burada İmamın apardığı söhbətlərin birinə işarə edirik: Yəhya ibn Əksəm İmam Cavaddan (əleyhis-salam) icazə aldı və İmam ona sual soruşmaq üçün izn verdi. Yəhya soruşdu: Ehram bağlamış və ehram halında ov ovlamış insan haqqında nə deyə bilərsiniz? (11) İmam Cavad (əleyhis-salam) sualı bu suallara böldü: Bilmək lazımdır ki, həmin insan ovu Hərəm hüdudlarından xaricdə ovladı, yoxda Hərəm hüdudlarının daxilində? Ehram halında ov etməyin haram olduğunu bilirdi, yoxsa yox? Bilərəkdən öldürdü, yoxsa xəta üzündən? Azad insan idi, yoxsa qul idi? Yaşı çox idi, yoxsa uşaq idi? Birinci dəfə bu işi görürdü, yoxsa dəfələrlə bu işi görmüşdü? Ovladığı heyvan quş idi, yoxsa yox? Kiçik heyvanlardan idi, yoxsa böyük? O, bu işi birdə görmək istəyir, yoxsa öz işindən peşmandır? Ovu gecə ovlamışdı, yoxsa gündüz? Ümrə ehramında idi, yoxsa Həcc ehramında? Yəhya ibn Əksəm bu sayda sualların içində özünü itirdi, dili topuq çalmağa başladı. Acizlik əlaməti onun bütün vücudundan sezilirdi. Məclis iştirakçıları onun İmamın qarşısında acizliyini aydın gördülər. Məmun dedi: “Allaha şükür edirəm ki, düşündüyüm kimi də oldu”. Sonra üzünü öz qohumlarına və sülaləsinə mənsub insanlara tutub dedi: “İndi heç bir zaman qəbul etmədiyinizi tanıdınızmı?” (12) Elmi mübahisələr sona çatandan sonra qonaqlar məclisi tərk etdilər. Xəlifənin yaxın adamlarından başqa kimsə orada qalmadı. Məmun üzünü İmam Cavada (əleyhis-salam) tutub dedi: Sənə fəda olum! Ehram halında ov ovlamaq haqqında qeyd etdiyiniz şaxələrin hər birinin hökmünə aydınlıq gətirsəniz biz də öyrənərdik. İmam Cavad (əleyhis-salam) dedi: Bəli. Əgər ehram bağlamış şəxs ovu Hərəmdən xaricdə ovlasa və ov böyük quşlardan olsa, kəffarəsi bir qoyundur. Hərəm hüdudlarında ovlasa, kəffarəsi ikiqatdır. Əgər quş balasını Hərəmdən xaricdə ovlasa, kəffarəsi süddən təzə ayrılmış quzudur. Hərəm hüdudlarında öldürsə həm quzunu, həm də cücənin qiymətini verməlidir. Ov vəhşi heyvanlardandırsa, məsələn, çöl eşşəyidirsə, kəffarəsi bir inəkdir. Dəvə quşu olsa, kəffarəsi bir dəvədir. Ceyran olsa, kəffarəsi bir qoyundur. Bunlardan hər hansı birini Hərəm hüdudlarında ovlasa, kəffarəsi iki bərabər olur. Əgər ehram bağlamış şəxs qurbanlığı vacib edən bir iş görsə, həcc ehramında olduğu təqdirdə qurbanlığı Minada kəsməlidir. Ümrə ehramında olarsa, onu Məkkədə kəsməlidir. Ov kəffarəsi hökmü bilən və bilməyənlər arasında eynidir. Söz yox ki, bilərəkdən olsa, (kəffarədən əlavə) günaha da batmışdır. Xəta etdiyi təqdirdə günah ondan götürülür. Azad insanın kəffarəsi onun öz öhdəsinə düşür. Qulun kəffarəsini isə onun sahibi verməlidir. Azyaşlı uşağa kəffarə düşmür. Böyük insana isə kəffarə vacibdir. Axirət əzabı gördüyü işdən peşman olanlardan götürülər. Lakin peşman olmayanlar cəzalandırılar. (13) Bu tarixi nümunələrdən başa düşmək olur ki, azyaşlı bir uşaq Allahın lütfü ilə İlahi elmə yiyələnə və imam ola bilər. (14)   Qeydlər: 1. “Məryəm” surəsi, ayə 12. 2. “Məryəm” surəsi, ayə 30-32. 3. Əli ibn Əsbatın sözlərindən aydın olur ki, İmamın Misirdə də tərəfdaşları var idi. Onlar İmamın zahiri görünüşünü öyrənmək istəyirdilər. 4. “Məryəm” surəsi, ayə 12. 5. “Yusif” surəsi, ayə 22. 6. “Qəsəs” surəsi, ayə 14. 7. Koleyni, “Kafi”, cild 1, səh. 384. 8. Əbu Cəfər İmam Məhəmməd Təqinin (əleyhis-salam) kunyəsidir. Onu İmam Baqirlə (əleyhis-salam) səhv salmamaq üçün İkinci Əbu Cəfər adlandırırlar. 9. “Kafi”, cild 1, səh. 322 və 384. 10. Şeyx Mufid, “əl-İrşad”, səh. 319. 11. Həcc əməllərini yerinə yetirərkən ehram geymiş hacılara haram olan işlərdən biri də ov ovlamaqdır. Fiqhi hökmlər arasında həcc hökmlərinin xüsusi mürəkkəbliyi var. Bu üzdən Yəhya ibn Əksəm kimi insanlar şəriət hökmləri arasında həcc hökmlərini müzakirə mizinə çıxarırdı ki, İmamı mürəkkəb hökmlərlə çaş-baş salsın. 12. Şeyx Mufid, “əl-İrşad”, səh. 319-321. “Bihar əl-ənvar”, cild 50, səh. 75-76. 13. Şeyx Mufid, “əl-İrşad”, səh. 322. Təbərsi, “Ehticac”, səh. 246. Bu hissə “Sireyi pişvayan” kitabından iqtibas olunmuşdur. 14. Cəfər Subhani, “Rahnomaye həqiqət”, səh. 349-355.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavad (ə) qısa ömrü boyu möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi.

Həzrət İmam Muhəmməd Təqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya gəlmişdir. Atası İmam Rza (ə) və anası fəzilətli xanım Səbikə idi. İmam Rza (ə) onu Xizran adlandırmışdı. İmam (ə) onun haqqında ancaq gözəl sözlər deyərdi. (Həvzəh) İmam Rza (ə) 203-cü hici qəməri ilinin səfər ayının sonunda şəhid olur. Tus şəhərində şəhadətə çatdırılır. Elə həmin gündən imamətliyi İmam Cavad (ə) öhdəsinə götürür.   İmam Rzanın (ə) müxlis dostlarından olan Səfvan ibni Yəhya nəql edir ki, Mədinədə Həzrətin (ə) xidmətinə getdim və dedim ki, bizim İmamımız kimdir? İmam Rza (ə) da cavabında qarşısında dayanan İmam Cavada (ə) işarə edərək buyurdu ki, odur. Mən də cavabında dedim: “Sənə qurban olum, onun ki, üçdən çox yaşı yoxdur?”. İmam Rza (ə) buyurdu: “Yaşın az olmasının eybi yoxdur. Çünki Həzrət İsa (ə) da üç yaşdan az olan zaman peyğəmbər olmuşdu”.   İmam Cavadın (ə) üç yaşı olan zaman Harun ər-Rəşidin (lən) oğlu Muhəmməd Əmin, qardaşı tərəfindən öldürülür. O vaxtdan Məmunun hakimiyyəti başlanır. Məmun öləndən sonra isə hakimiyyətə Mötəsəm Abbasi gəlir. İmam (ə) qısa həyatında üç xəlifənin hakimiyyətinə şahid olmuşdur.   Bir gün İmam Cavad (ə) Peyğəmbərin (s) məscidinə daxil olur. Həzrətin (ə) əmisi Əli ibni Cəfər onu görür və əbasız və ayaqqabısız ona tərəf hərəkət edir. İmama (ə) çatıb, əlindən öpür və İmama (ə) təzim edir. İmam Cavad (ə) ona buyurur: “Əmican, əyləş. Allah sənə Öz rəhmətini şamil etsin”. Əmisi deyir: “Siz ayaqda olan zaman mən necə əyləşim ki?”. İmam (ə) gedəndən sonra Əli ibni Cəfər tədris yerinə qayıdır. Şagirdləri narazılıq edir ki, sən əmisən və yaşın da çoxdur. O zaman bu (cavan) qarşısında niyə belə təzim edirsən? Əli ibni Cəfər ağarmış saqqalını əlini alır və deyir: “Sakit olun. Əgər Allah bu ağ saqqalını imamətə layiq bilməyibsə və bu yeniyetməni imamətə layiq bilibsə və ona bu qədər əzəmət veribdirsə, mən necə onun məqamını və fəzilətini görməməzliyə vura bilərəm ki?! Sizin dediklərinizdən Allaha pənah aparıram. Deməliyəm ki, mən – Onun bəndəsiyəm!”.   İmamət – Allahın ümmətə hədiyyəsidir. Onun yardımı ilə insanlar sirat yolunda qərar tutar. Bəni-Abbas hökumətinin qara buludlarına baxmayaraq, İmam Cavad (ə) qısa ömrü boyu ümmət gəmisini gözəl idarə edə bilirdi. Möminlər üçün qaranlıqda parlayan məşəl kimi idi. Qısa ömrünə baxmayaraq, İmam (ə) gözəl əxlaqı, rəftarı və dini maarifi ilə qəlbləri fəth etmişdi.   Bir gün bir nəfər İmam Cavadın (ə) yanında deyir ki, mən Həzrət Muhəmmədi (s) və İmam Əlini (ə) o qədər sevirəm ki, əgər bədənimi tikə-tikə etsələr onların sevgisindən əl çəkmərəm. İmam Cavad (ə) buyurur: “Bu halda Həzrət Muhəmməd (s) və Həzrət Əli (ə) səninlə eyni cür rəftar edəcəklər. Onlar da Qiyamət günü sənin üçün o şeyi tələb edərlər ki, sənin sevgin onun qarşısında dəyərsiz qalar. Yəni, nəticəsi – Qiyamət günü nicat tapmaqdır”.   İmam Cavad (ə) buyurur: “Əgər yerin və göyün qapıları kiminsə üzünə bağlanarsa və o, təqvaya riayət edərsə, Allah onun işinə genişlik verər”. “İnsanın kamalı – ağıllı olmasındadır”.   “Müsəlmanın Qiyamət günü əməl dəftərinin sərlövhəsi – onun xoşəxlaqlı olmasıdır”. “O kəs ki, pis işi yaxşı hesab edər, həmin işin (cəzasında) şərik olar”.   “Zalım və zalıma yardım edən və o kəs ki, onun etdiyindən razı olar – hamısı onun günahında şərik olarlar”. “Özünü dünya xarlığına və axirət əzabına səbəb olan işlərdən saxla”.   “O kəs ki, mömin qardaşına gizlində nəsihət verər – onu bəzəmiş olar, ancaq o kəs ki, aşkar şəkildə və başqalarının yanında ona nəsihət verər (ictimai) simasını çirkin etmiş olar”. “Məbada aşkarda Allahın dostu olasan, gizlində Onun düşməni”. /Deyerler.org/

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.) Rza Şükürlü

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İmam Cavadın (ə) möcüzəli mövludu

Vilayət səmasının 9-cu ulduzu olan İmam Cavad (ə) 195-ci hicri-qəməri ilinin rəcəb ayında Mədinə şəhərində dünyaya gəlmişdir. Vaqifiyyə firqəsinin böyüklərindən biri İmam Rzaya (ə) deyir: “Sən İmamsan?”. İmam (ə) buyurur: “Bəli”. Deyir: “Sən İmam deyilsən”. İmam (ə) bir qədər başını aşağı salır və sonra buyurur: “Niyə belə düşünürsən ki, mən İmam deyiləm?”. O, dedi: “İmam Sadiqdən (ə) nəql edilir ki, İmam nəsilsiz deyildir. Sən bu yaşa gəlib çatmısan, ancaq oğlan övladın yoxdur”. Bu dəfə İmam (ə) başını daha uzun müddət aşağı saldı və sonra buyurdu: “Allaha and olsun ki, uzun müddət keçməyəcəkdir ki, Allah mənə oğlan övladı verəcəkdir”. Bu söhbətdən bir il sonra İmam Cavad (ə) dünyaya gəldi. İmam Kazımın (ə) qızı Həkimə xanım nəql edir: “O zaman ki, İmam Cavadın (ə) anası Xizranın doğum zamanı gəlib çatır, İmam Rza (ə) məni çağırdı və buyurdu: “Ey Həkimə! Xızranın doğum mərasimi üçün hazır ol”. Sonra əmr etdi ki, mən, Xızran və doğum maması bir otağa gedək. Bizim üçün çırağı yandırdı və qapını üzümüzə bağladı. Bu zaman Xızranın doğum sancısı başladı və çıraq söndü. Mən nigaran oldum, ancaq İmam Cavad (ə) bir nur parçası kimi otağı aydınlandırdı və Həzrətdən (ə) yayılan nur bütün otağı bürümüşdü. Körpəni götürdüm və ətəyimə qoydum. Üzərində olan nazik örtüyü ondan ayırdım. Bu zaman İmam Rza (ə) qapını açıb içəri girdi. Körpəni məndən aldı və beşiyə qoydu. Sonra mənə buyurdu: “Ey Həkimə! Beşiyə nəzarət et!”. Üç gün keçəndən sonra İmam Cavad (ə) gözlərini açdı, sağa və sola baxdı. Buyurdu: “Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur. Muhəmməd (s) Allahın göndərdiyidir”. Qorxaraq ayağa qalxdım və İmam Rzanın (ə) yanına getdim. Həzrətə (ə) olanları dedim. İmam (ə) buyurdu: “Ey Həkimə! Ondan görəcəyin qeyri-adiliklər, eşitdiklərindən daha çox olacaqdır””. İmranın oğlu Kəlim nəql edir ki, İmam Rzaya (ə) dedim: “Allahdan istə ki, sənə oğlan övladı versin”. İmam (ə) buyurdu: “Mənim ruzim ancaq bir oğlan övladıdır ki, varisim olacaqdır”. O zaman ki, İmam Cavad (ə) dünyaya gəlir, İmam Rza (ə) səhabələrinə buyurur: “Allah mənə bir körpə vermişdir ki, Musa ibn İmran (ə) kimi dənizləri yaracaq, İsa ibn Məryəm kimi (ə) pak xəlq olmuşdur. Oğlum haqsız yerə öldürüləcəkdir və səma əhli ona ağlayacaqdır və Allah onun düşməninə qəzəblənəcəkdir”. (Tebyan)   Mövludun mübarək, ağamız İmam Cavad (ə)!   /Deyerler. org/

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə).

Allahın salamı olsun Vilayət səmasının 9-cu günəşi İmam Məhəmməd Cavada (ə). O Həzrət buyurmuşdur: -İnsanlar müxtəlif surətdədirlər və hər kəs öz surətində əməl edir. Allahımız hər bir insana iki surət verib. 1.Zahiri surət. 2.Batini surət. Zahiri surətin necəliyi və keyfiyyəti insandan asılı deyildir. Kimisə ağ, kimisə qara ,kimisə yaraşıqlı , kimisə yaraşıqsız kimisə hündür və kimisə qısa edən odur. Amma batini surətin necəliyi və keyfiyyəti bizdən asılıdır. İlk dünyaya gələn hər bir insanın batini surəti gözəl və pakdır. Lakin zaman keçdikcə batini surətimiz haldan hala düşür. Zahiri surətin keyfiyyətini təyin etmək asandır və göz qabağındadır. Lakin batini şəklimizin və surətimizin necəliyini necə bilək ??!! 9-cu İmamımız İmam Məhəmməd Təqi (ə) yuxarıdakı söz və ifadə baxımından qısa olan kəlməsində bu mühüm sualın cavabını verir. Batini surətin keyfiyyətini əməl təyin edir. Əməl ruhumuzun və batinimizin aynası və güzgüsüdür. Hərə öz surətində əməl edir. Söz insan düşüncəsinin məhsulu olduğu kimi, əməl də insanın batini surətinin məhsuludir. Söz insan beyninin qabiliyyətini və istedadını kəşf etdiyi kimi, əməl də insanın ruhunun hansı əndazədə olmasını kəşf edir. Söz insan ağlının və dərrakəsinin göstəricisi olduğu kimi, əməl də insanın batini surətinin keyfiyyət göstəricisidir. İlahi, surətimizi gözəlləşdir ! Əziz İmamın doğum günü bütün İslam dünyasına , məxsusən ana vətənimiz Azərbaycana mübarək olsun ! Bütün müsəlmanları bu gözəl gün münasibəti ilə təbrik edirəm. Seyyid Ağarəşid Boradigahlı. 18.04.2016.

İmam Muhəmməd Təqi (ə) 28.01.2025

İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ

İmam Cavad (ə) kamillik yolunu getmək istəyənlərə fərdi və ictimai siması ilə bənzərsiz bələdçi və bəşəriyyət simvollarından biridir. O həzrətin gözəl əxlaq və rəftarları ilə bağlı nəql edilən rəvayətləri ətraflı şəkildə burada qeyd edə bilmədiyimizdən, insanlara yaxşılığı, düyaya rəğbətsizliyi, kəramət və səxavətliliyi ilə əlaqədar bir neçə nümunəni qeyd etməklə kifayətlənirik: 1. İnsanlara yaxşılığı: Əhməd ibn Zəkəriyya Seydəlani “Sicistan (Heratın cənubunda yerləşən və əhalisi şərafətli şiələrdən olan bir məntəqə) əhalisindən və Bəni-Hənifə qəbiləsinin bir nümayəndəsindən belə nəql edir: “Mötəsimin xilafətinin ilk vaxtlarında imam Cavadla (ə) həcc yoldaşı oldum. Süfrə başında yemək yeyərkən İmama (ə) dedim: “Sənə fəda olum, bizim valimiz siz Əhli-beyti (ə) sevənlərdəndir. Mənim də dövlətə vergi borcum var. Sənə fəda olum, əgər məsləhət bilirsənsə, ona bir məktub yazıb mənə yaxşılıq etməsini buyurardın.” İmam (ə) əvvəl üzr istədi, sonra valinin imamətə əqidəli olduğunu bildikdən sonra müsbət cavab verdi. Həzrət valiyə məktubunda “Bismillah”dan sonra belə yazdı: “Mənim bu məktubumu çatdıran sənin haqq məzhəbdə olduğunu dedi. Bu Əhli-beytin məzhəbidir. Əməllərindən yalnız etdiyin yaxşılıq sənə qalacaq. Elə isə qardaşlarına yaxşılıq et və bil ki, Allah-Taala zərrə və xardal dənəsi qədər kiçik əməllərinə görə səndən sorğu-sual edəcək.” Həmin şəxs vətəninə dönüb valiyə imam Cavadın (ə) ona məktub göndərdiyini bildirdi. Vali tez məktubu alıb öpdü. Məktubu oxuyandan sonra onun ehtiyacının nədən ibarət olduğunu soruşdu. Həmin şəxs ehtiyacını açıqladı. Vali dedi: “Mən nə qədər valiyəmsə, vergi vermə.” Sonra vali ona və ailəsinə hədiyyə və ehsan verilməsini əmr etdi. Həmin şəxs valinin rəhbərlik etdiyi müddətdə əsla vergi vermədi və vali də öz hədiyyə və ehsanlarını ondan əsirgəmirdi.” (“Biharül-ənvar”, c.12, səh.129.) 2. Dünyaya rəğbətsizliyi: İmam Cavad (ə) ömrünün baharında, elə gənc ikən dünyanın bütün zinətlərindən üz döndərmişdi. Şiələrdən İmama (ə) çatan şəri-dini vergilərdən və Qum şəhərində vəqflərin gəlirlərindən əlavə, Məmun tərəfindən də o həzrətə çoxlu miqdarda pul verilirdi. İmam (ə) pulları şəxsi işlərinə xərcləmir və yoxsullara paylayırdı. Hüseyn Məkari Bağdadda rəsmi dairələr və xalq tərəfindən imam Cavada (ə) böyük hörmət olunduğunu gördükdə, öz-özünə dedi: “İmam (ə) Bağdadda bu cür neməti qoyub vətəninə dönməz.” İmam (ə) onun qəlbindən keçənləri duyub buyurdu: “Ey Hüseyn, babam Rəsulullahın (s) türbəsində duz-çörək mənim üçün gördüyün halımdan çox xoşdur.” 3. Kəramət və səxavətliliyi: Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər, onları sevindirərdi. O həzrət yoxsullara etdiyi çoxlu yaxşılıq və ehsanlarına görə “Cavad” (səxavətli) ləqəbi ilə məşhurdur. Tarixçilər onun səxavəti barədə bir çox rəvayətlər nəql etmişlər. O cümlədən: 1. Nəql olunur ki, Ələvilərdən biri Mədinədə bir xidmətçi almaq istəyirdi, amma baha olduğu üçün imkanı çatmırdı. İmam Cavadın (ə) yanına gəlib vəziyyətindən şikayət edir. İmam (ə) sahibinin kim olduğunu soruşur. Sonra onun yanına gedib xidmətçini və onun işlədiyi bağı satın alır. Bundan xəbərsiz olan Ələvi yenidən xidmətçi ilə maraqlandıqda onun satıldığından agah olur. Ələvi müştərinin kim olduğunu soruşduqda, “bilmirik” cavabını eşidir. Tez imam Cavadın (ə) hüzuruna gedib uca səslə deyir: “Xidmətçi alınıb.” İmam (ə) gülümsəyərək buyurur: “Bilirsənmi, onu kim alıb?” Ələvi deyir: “Xeyr.” İmam (ə) Ələvi ilə birlikdə xidmətçinin işlədiyi bağa gəlir. İmam (ə) əmr edir ki, bağa daxil olsun. O, bağın sahibini tanımadığı üçün daxil olmaq istəmir. İmam (ə) isə israr edir. O, İmam (ə) ilə bağa daxil olur. Xidmətçini görəndə İmam (ə) ona buyurur: “Onu tanıyırsanmı?” Ələvi deyir: “Bəli.” İmam (ə) buyurur: “Xidmətçi, qəsr, bağ və bütün gəlirləri və qəsrdə olan bütün avadanlıqlar sənindir.” Ələvi sevincindən dərisinə sığmır və başa düşür ki, imam Cavad (ə) xidmətçini və digər şeyləri onun üçün alıb. 2. Əhməd ibn Hədid dostları ilə birlikdə həccə gedirdi. Yolda quldurlar hücum edib, onların pulları və digər əşyalarını qarət edirlər. Mədinəyə çatanda Əhməd imam Cavadın (ə) yanına gəlib başına gələn macəranı danışır. İmam (ə) ona paltar və karvandan qarət olunmuş miqdarda pul verir. O da pulları dostları arasında paylayır. Beləcə, imam Cavad (ə) ona və dostlarına lütf-mərhəmət göstərib, dəymiş ziyanlarını ödəyir. (“Əl-vafi bil-rafiyyat”, c.4, səh.105; “Biharül-ənvar”, c.12, səh.109.) Rza Şükürlü

İmam Muhəmməd Təqi (ə) 27.01.2025

İmam Məhəmməd Təqi(ə)nin şəhadət günü

İmam Təqi (ə.s.) hicrətin 195-ci ilində İmam Rza (ə) ilə Səbikə xanımın ailəsində dünyaya göz açıb. İmamın anası xanım Səbikə Peyğəmbərin (s) xanımı Mariyya Qibtiyyə ilə bir nəsildən olub və böyük mənəviyyat sahibi idi. İmam  Rzanın (ə) uzun illər övladı olmaması onun tərəfdarlarını imamət barədə tərəddüdə  salmışdı. İmamın 40-dan artıq yaşı olanda onun yeganə oğlu Məhəmməd anadan oldu. İmam Rza (ə) xəlifə Məmun tərəfindən zəhərləndiriləndə İmam Məhəmməd Cavadın (ə) 8 yaşı var idi. Həzrət Cavadın (ə) bu yaşda imam olması imamət tərəfdarlarını yenidən çaşqınlığa düçar etdi. Yalnız səhih rəvayətlər və İmam Cavadın (ə) sonsuz elm və hikməti bu şübhələri də aradan qaldırdı. İmam Cavad (ə) təqribən 25 yaşında ikən xəlifə tərəfindən məcburən Mədinədən Bağdada köçürülmüş və Mötəsimin göstərişi ilə zəhərləndirilmişdir.  Şəhid edilmiş İmam Muhəmməd Təqi (ə) babası İmam Museyi-Kazimin yanında Kazimeyndə (Bağdad yaxınlığı) dəfn edilib. 9-cu İmam Muhəmməd Cavad ət-Təqi (ə) və 10-cu İmam Əli Hadi  Əhli-beyt tarixinin ən ağır günlərində, Abbasi xəlifələrinin Peyğəmbər (ə) nəslinə qarşı zülmünün geniş vüsət tapdığı bir zamanda ümmətə başçılıq ediblər. Xilafət qəsb olunduğu gündən Peyğəmbər (s) xanədanı bu qədər çətinliklə üzləşməmiş, bu qədər təqibə məruz qalmamışdı. Eyni zamanda, onların 50 il imaməti müddətində xilafətə qarşı qiyamların sayı çoxalmışdı. Belə bir şəraitdə xəlifələrə müxalif Əhli-Beyt İmamlarının (ə) boynuna olduqca ağır vəzifə düşürdü. Mə᾽mun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Mə᾽munun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Mə᾽munun əleyhinə üsyanlar baş qaldırdı. Mə᾽mun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Mə᾽mun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm. 1. Mə᾽mun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Mə᾽munun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş. 2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə də᾽vət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı. İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: “Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (ə) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: “Hüseyn, Peyğəmbər (s) şəhəri Mədinədə bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır 3. Mə᾽mun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin. Mə᾽mun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Mə᾽munun qızının övladı olmadı. İmam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan olduqca az tələbə yetişdirildi. Imamın görkəmli tələbələrindən bə᾽zisi bunlardır: 1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar a elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin ne᾽mətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm». 2. Әbunəsr Bəzənti: O, Kufədən idi  və imamın xüsusi əshabından sayılırdı. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir. 3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir. O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» – dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et». Hicrətin iki yüz on səkkizinci ilində  Mə᾽mun Misirdən qayıdarkən yolda xəstələndi və Rəqqa adlı məntəqədə dünyasını dəyişdi. Onun ölümündən sonra  qardaşı Mö᾽təsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.  O, İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.” Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət  öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

İmam Muhəmməd Təqi (ə) 27.01.2025

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?

Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman deyir: «Mən Bağdada getdim və ora çatanda camaatın qaçıb nəyəsə baxaraq dayandığını gördüm.» Soruşdum:«Nəolub?»Dedilər: «Rzanın oğludur.» Dedim:«Mən onu görməliyəm.»O dişi (və yaerkək)bir qatırın üstündə göründü. Öz-özümə dedim:«Allah Lənət etsin imamət etiqadı sahiblərinə ki,Allahın bu kişinin itaətini vacib etməsini deyirlər.» O mənə tərəf dönüb dedi:«EyQasim ibn Əbdürrəhman: «Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Onda biz haqq yoldan azmış və dəlilik etmiş olarıq.» (Qəmər surəsi /24) Mən öz-özümə dedim:«Vallah o cadugərdir.»Yenə mənə tərəf dönüb dedi:«məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?!Xeyr,o,yalançının,lovğanın biridir.» (Qəmər surəsi /25) Qasim deyir: «Mən qayıtdım vəimamətə etiqad bəslədim və şəhadət verdim ki,o Allahın yaratdıqlarına qarşı dəlil və höccətidir və ona etiqad bəslədim.» ( Kəşful-Ğummə, c.3, səh.153(

İmam Muhəmməd Təqi (ə) 21.01.2025

İmam Cavadın (ə) fətva verməsi və saray fəqihlərinin rüsvay olması

Şübhəsiz ki, bütün səcdəgahlar – səcdə üçün lazım olan yeddi bədən üzvü, Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın İmam Cavad (əleyhissəlam) qeyd etdiyimiz iki elmi mübahisədən əlavə, bəzi vaxtlar öz İmamət elmi sayəsində müxtəlif yollarla saray alim və fəqihlərinin savadsızlığını və özünün onlardan üstün olduğunu sübut edərək İmamətə əqidə bəsləmək fikrini camaatın fikrində canlandırırdı. Bu baxımdan o Həzrətin, bir oğrunun barmaqlarının haradan kəsilməsi barədə verdiyi fətvanı nümunə göstərmək lazımdır. Hadisə bu cür baş verir. Bağdad şəhərinin qazısı İbn Əbu Duadla dostluq etmiş Zurqan (Onun ləqəbi Əbu Cəfər olmuş və hədis söyləyən idi.) deyir: “Bir gün İbn Əbu Duad xəlifə Mötəsimin məclisindən çox narahat halda geri dönür. Narahatçılığının səbəbini soruşduqda, deyir: Bu gün Allahdan istədim ki, kaş iyirmi il bundan qabaq öləydim. Dedim: Nəyə görə? — Xəlifə Mötəsimin məclisində İmam Cavad (əleyhissəlam) tərəfindən başıma gələn hadisəyə görə. — Məgər nə baş vermişdir? — Bir nəfər gəlib oğurluq etməsi barədə etiraf edərək xəlifədən ona İlahi hədd icra etməklə günahını yumaq istədi. Xəlifə bütün fəqihləri və İmam Cavad əleyhissəlamı da çağırtdıraraq bizdən soruşdu: “Oğrunun əli haradan kəsilməlidir?” Mən dedim ki, biləkdən kəsilməlidir. Xəlifə dedi: “Hansı əsasa görə deyirsən?” Mən dedim: “Çünki təyəmmüm barədə olan ayədə “ondan – torpaqdan, üzünüz və əllərinizə sürtün” (“Maidə” surəsi, ayə 6.) deyildikdə, “əlləriniz” sözündən “biləklərə qədər” mənası başa düşülür.” Bu barədə bəziləri mənimlə həmfikir olub mən deyəni dedilər, bəziləri isə mən deyənlə razılaşmayıb bildirdilər ki, oğrunun əli dirsəkdən kəsilməlidir. Xəlifə onlardan bunu hansı əsasa görə demələrini soruşduqda, cavab verdilər ki, dəstamaza aid olan ayədə “üzünüzü və əllərinizi dirsəklərinizə qədər yuyun” (“Maidə” surəsi, ayə 6.) deyildikdə, “əlləriniz” sözündən məqsəd “dirsəyə qədər” mənasıdır. Sonra xəlifə Mötəsim üzünü İmam Cavad əleyhissəlama tutub dedi: “Bu barədə sənin fikrin nədir?” O dedi: “Bunlar fətva verdilər, məni üzürlü say.” Mötəsim israr edib onun da öz fikrini bildirməsi üçün ona and verir. Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam) ) dedi: “İndi ki, and verirsən, onda öz fikrimi deyərəm. Bunlar hamısı səhv deyirlər. Çünki oğrunun yalnız barmaqları kəsilməlidir.” Mötəsim dedi: “Hansı əsasa görə?” O cavab verdi: “Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, səcdə bədənin yeddi üzvü vasitəsi ilə yerinə yetirilir: alın, əllərin iki ovucu, iki dizlər, ayaqların iki baş barmaqları. Buna əsasən, oğrunun əli bilək, yaxud dirsəkdən kəsilərsə, onda namazın səcdəsini yerinə yetirmək üçün onun əli qalmır. Həmçinin, Allah-taala buyurmuşdur: “Şübhəsiz ki, bütün səcdəgahlar – səcdə üçün lazım olan yeddi bədən üzvü, Allaha məxsusdur. Heç kəsi Allaha şərik qoşmayın.” (“Əl-Cinn” surəsi, ayə 18; Məcməül-bəyan, c.10, səh.440.) Elə isə Allaha məxsus olan şeyi kəsmək olmaz.” Mötəsim onun cavabını bəyənib oğrunun barmaqlarını kəsdirir. (Biz məclisdəkilərin hüzurunda rüsvay olduq.) Mən elə oradaca (son dərəcə narahatçılıq və rüsvayçılıq nəticəsində) Allahdan özümə ölüm arzuladım.” (Doqquzuncu İmam Həzrət Cavad (əleyhissəlam), səh.26-29; Məcməül-bəyan, c. 10, səh. 372; Təfsiri-Əyyaşi (təshih və təliq), c. 1, səh. 320; Əl-bürhan fi təfsiril-Quran, c. 1, səh. 471; Vəsailüş-şiə, c. 18, səh. 490 (oğurluq babları, 4). Şəriət baxımından əlin kəsilmə həddinin təyini ilə bağlı sünnü və şiə alimlərinin nəzər və fətvalarını bilmək üçün “Əs-səhih min siyrətin-Nəbiyyil-əzəm” kitabının c. 4, səh. 103-ə müraciət edin.)

1 2