Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Museyi-Kazim (ə) 25.01.2025

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva’ adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur. İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169); Musa − Hadi adı ilə tanınmış (169-170); Harun Ər-Rəşid (170-193). İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.1 İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cə’fər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin tə’yib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cə’fər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini tə’yin etmişdir. O beş nəfər bunlardır: Dövrün xəlifəsi – Mənsur Dəvaniqi; (Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman; Abdullah ibn Cə’fər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı); Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam)); Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);” Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum? Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz![1] İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış,[2] lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı. Cə’fəri məktəbinin hamisi O dövrün vəziyyətinə nəzər saldıqda mə’lum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır. Seyyid ibn Tavus yazır: “İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”[3] Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.[4] ” Musa ibn Cə’fər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər. Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəl’adə güzəşt və səbrlə davrandığına görə Kazim[5] ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.[6]” Mənbə: Mehdi Pişvayinin Məsum İmamların Tarixi Kitabından Tərcümə edən: Mais Ağaverdiyev 1 Tarixül-xüləfa, səh.259. [1] Üsuli-kafi, c. 1, səh. 310-311; Biharül-ənvar, c. 47, səh. 3; E`lamül-vəra, səh. 299. [2] İrşad, səh. 304-306; Biharül-ənvar, c. 47, səh. 253. c. 48, səh. 16-17. [3] Əl-ənvarül-bəhiyyə, səh.170. [4] Müxtəsəri-tarixil-ərəb, səh.209. [5] Kazim ərəb dilində “qəzəbini boğan” deməkdir. [6] Əs-səvaiqül-mühriqə, səh.203.

İmam Museyi-Kazim (ə) 27.12.2024

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Musa Kazimin (ə) şəxsiyyəti  Adi: Musa; Ləqəbi: Kazim; Künyəsi: Əbülhəsən; Atası: İmam Sadiq (ə); Anası: Həmidə; Övladlarının sayı: 36 (19 oğlan, 17 qız); Təvəllüdü: 128-ci hicri-qəməri ili, Səfər ayının 7-si; Başqa rəvayətə görə, Zil-hiccə ayının 20-si; İmamlıq müddəti: 35 il; Ömrü: 54 il; Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi; Məzarı: İraq, Kazimeyn şəhəri. İmam Musa Kazimin (ə) həyatı ilə qısa tanışlıq Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir. İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193). O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi… Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.) İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.) “Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.) Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.) Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir. İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu. İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.) Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.) Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu. İmam Musa Kazimin (ə) şəhadəti Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.) Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin. Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.” Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.) Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir. Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

1 2