Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 24.02.2025

Sosial şəbəkələrdə itirilən zaman

Sosial şəbəkələrdə itirilən zaman Bu gün insanların ən böyük itkilərindən biri pul yox, zamandır. Çünki itirilən pul geri qazana bilər, amma keçən bir saniyə belə heç vaxt geri qayıtmır. Təəssüf ki, bu gün bir çox insan saatlarla sosial şəbəkələrdə məqsədsiz şəkildə vaxt keçirir. Bir videodan digərinə, bir paylaşımından başqasına keçərək fərqinə varmadan saatlarını sərf edir. Günün sonunda isə nə yeni bir elm öyrənib, nə ibadətini artırıb, nə də həyatına faydalı bir iş görüb. Allah-Taala Qurani-Kərimdə buyurur: “And olsun əsr! Həqiqətən, insan ziyan içindədir. Yalnız iman gətirənlər, saleh əməl edənlər, bir-birlərinə haqqı və səbri tövsiyə edənlər istisnadır.” (Əsr surəsi, 1–3) Diqqət edin, Allah bu surədə zamana and içir. Bu da göstərir ki, zaman insanın ən qiymətli sərvətidir. Əgər onu faydasız işlərə sərf etsək, Quranda buyurulduğu kimi ziyan edənlərdən olarıq. Peyğəmbəri-Əkrəm (s) buyurur: “İki nemət var ki, insanların çoxu onların qədrini bilmir: sağlamlıq və asudə vaxt.” Asudə vaxt bizə verilmiş böyük bir fürsətdir. Bu fürsəti elm öyrənməyə, Qurani-Kərim oxumağa, ailəmizə vaxt ayırmağa, insanlara faydalı olmağa sərf etmək əvəzinə saatlarla telefonda keçirsək, bunun peşmanlığını bir gün mütləq çəkəcəyik. Nəhcül-bəlağə kitabının 21-ci hikmətli kəlamında İmam Əli (ə) buyurur: “Fürsətlər buludlar kimi ötüb keçir. Odur ki, yaxşı işlər görmək üçün fürsətləri qənimət bilin.” Gəlin özümüzə sual verək: Bu gün telefona sərf etdiyim vaxtın nə qədəri mənə dünya və axirətdə fayda verəcək? Əgər cavab “çox az”dırsa, deməli həyatımızda dəyişiklik etməyin vaxtıdır. Allah bizə ömrümüzü Ona itaətdə, faydalı elmdə və xeyirli əməllərdə keçirməyi nəsib etsin. Amin.  

Müsəlmanın həyat tərzi 21.02.2025

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü“Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə vermədikdə, “Ali-İmran” surəsinin 61-ci ayəsi nazil oldu: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”   Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün (mübahilə günü) Peyğəmbəri-Əkrəm (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda (yəni öz yaxınları və sevdikləri ilə) mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək cizyə (vergi) verməyə razılaşdılar. İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var: 1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə); 2. Oruc tutmaq; 3. Günorta azanından öncə iki rükət namaz qılmaq: belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətül-kürsü”nü “Hum fiha xalidun” ayəsinə qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.) 4. “Mübahilə” gününün namazından sonra yetmiş dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək); 5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ… Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih…   Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm… 6. Yoxsullara yardım etmək və sədəqə vermək; 7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zilhiccə ayının əməlləri” bölümü.)

Müsəlmanın həyat tərzi 21.02.2025

Allahdan İstədiyini Necə Almaq Olar?

İnsan elə bir məqama çatmalıdır ki, Allahdan nə istəyirsə, Allah ona versin — bütün duaları qəbul olunsun. Bəli, belə bir hal mümkündür. Və bu halın bir yolu var. Əgər sən bu fürsəti, bu ilahi neməti əldə etmək istəyirsənsə, gərək bir şeyi bacarasan: insanlardan ümidini tamamilə kəsməlisən. Heç kimin əlində olana göz dikməməlisən. Qəlbin tam şəkildə yalnız Allaha bağlı olmalıdır. Kiminsə sənə verəcəyinə, kiminsə sənə kömək edəcəyinə deyil — yalnız və yalnız Rəbbinə arxalanmalısan. O zaman dua qapıları açılar, rəhmət sel kimi yağar, arzular diləyin olmadan belə həyata keçər. Allah buyurur: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?” (Zümər, 36)

Müsəlmanın həyat tərzi 20.02.2025

Qəzəbin kökü nədir?

Qəzəbin kökü nədir? Bu sual mənə tez-tez verilir. Deyirəm: qəzəbin kökü çox vaxt insanın özünü böyük, digərlərini isə kiçik saymasındadır. Başqa sözlə, qəzəb çox zaman təkəbbürdən doğur. Məsələn, evə daxil oluram, görürəm ki bir şey mənim istədiyim kimi deyil, başqa cür düzülüb. Dərhal reaksiya verirəm: “Niyə bu belədir? Kim dəyişib? Kim icazə verib?” Bu nə deməkdir? Artıq nəzarəti itirdiyim hissi məndə əsəb və qəzəb doğurur. Əslində, əsəbləşməyimin səbəbi odur ki, mənim istəklərimə qarşı çıxılıb. Bu isə mənim daxilimdəki təkəbbürün əlamətidir. Yəni düşünürəm ki, hər şey mənim istədiyim kimi olmalıdır. Bəzən insanlara belə bir misal verirəm: Deyək ki, sizin bir həyat yoldaşınız və üç uşağınız var. Bu ailədə siz cəmi beşdə bir paya sahibsiniz. Belə olan halda hər şeyi təkbaşına idarə edə bilməzsiniz. Ailə — ortaq idarə olunan bir müəssisədir. Hamının fikri, hüququ və hissi nəzərə alınmalıdır. Məsumlarımız da bu həqiqəti çox gözəl ifadə ediblər: “İnsandakı qəzəbin çoxu təkəbbürdən qaynaqlanır.” Təkəbbür insanın özünü başqalarından üstün görməsidir. “Mən həyat yoldaşımın üzərinə qışqıra bilərəm. Mən qonşuma əsəbləşə bilərəm.” Niyə? Çünki içimdə özümü üstün mövqedə hiss edirəm və bu davranışa özümə haqq tanıyıram. Amma qarşımdakı insana bu haqqı vermirəm. Bax, bu — təkəbbürdür. Və qəzəbin əsas qapısı da məhz buradan açılır. Allah Təala bu həqiqəti Qurani-Kərimdə belə açıqlayır: > “Yer üzündə haqsız yerə təkəbbür göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün ayələri görsələr də, iman etməzlər. Haqq yolu görsələr, onu yol bilməzlər; əksinə, azğınlıq yolunu görsələr, onu yol seçərlər. Bu, onların ayələrimizi yalan saymalarına və onlardan xəbərsiz olmalarına görədir.” (Ə’raf surəsi, 146) Bu ayə göstərir ki, təkəbbür – insanın qəlbindəki ən təhlükəli düşməndir. O, həm imanı, həm əxlaqı, həm də ailə münasibətlərini məhv edə bilər.

Müsəlmanın həyat tərzi 20.02.2025

“Namazdan öncəki məhəbbət anı”

“Namazdan öncəki məhəbbət anı” Kimsə mənəviyyatını artırmaq istəyirsə, əvvəlcə mehribanlıq üçün səy göstərməlidir. Evinizə namaz qılmaq üçün girirsiniz… Qapıda qızınız, oğlunuz və həyat yoldaşınız sizi qarşılamağa gəlir. Bəli, namaz vacibdir. Amma bu bir neçə dəqiqəlik mehribanlıq daha böyük bir mənəviyyat qapısı aça bilər. Uşaqlarınızı qucaqlayın… öpün… sevindirin. O anda Allah sizin qəlbinizə bir rəhmət göndərər… Namazda elə bir hal taparsınız ki, ruhunuz yumşalar, qəlbiniz titrəyər… Bəlkə də göz yaşlarınızla o namaz unudulmaz bir ibadətə çevrilər. Amma əksinə… Əgər əsəblə içəri girsəniz, kiminsə qəlbini qırsanız… O namazda ruhani bir hal gözləsəniz belə… Qəlbiniz sanki kilidli bir qapı kimi qapalı qalar. Mənəviyyatın açarı bəzən məhz bu sadə anlardadır: Bir neçə dəqiqəlik məhəbbət… qəlbdəki ağırlığı aparar, və səni Allahla daha yaxın bir hala gətirər. Qur’an (Ali-İmran, 159): “(Ya Peyğəmbər!) Allahın mərhəməti sayəsində sən onlara qarşı yumşaq davrandın. Əgər kobud və qəlbi sərt olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər…” Unutma… Qəlbləri Allah birləşdirər. Amma o qapının açarı — sənin mehriban davranışındır.

Müsəlmanın həyat tərzi 20.02.2025

Təvəkkülə Çatmağın ASAN Yolu

Təvəkkül nədir? Təvəkkül – insanın bütün gücü ilə çalışdıqdan sonra nəticəni Allahın qüdrətinə və mərhəmətinə həvalə etməsidir. Bu, Allahın sonsuz gücünə, hikmətinə və mərhəmətinə tam bir inamdır. Əgər bir insan təvəkkül etmirsə, bu, əslində Rəbbin sonsuz qüdrətinə qarşı bir növ etimadsızlıq və hörmətsizlikdir. Elə buna görə də təvəkkülsüzlük bəzən Allahın sınaqlarına və cəzasına səbəb ola bilər. Qurani-Kərimdə belə buyurulur: > “Kim Allaha təvəkkül edərsə, (bilsin ki) Allah ona yetər. Allah, şübhəsiz ki, Öz işini sona çatdırandır.” — Talaq surəsi, 3-cü ayə — İnsan niyə bəlaya düşür? İnsan bəzən Allahdan ümidini kəsib başqa varlıqlara güvənməyə başlayır. Halbuki Allah bizə xəbərdarlıq edir: “Sənin qəlbin niyə Mənə deyil, başqasına bağlıdır?” Bu səbəbdən insan bəzən sınaqlara çəkilir ki, bu hadisələrdən dərs alsın və yenidən Rəbbinə dönsün. Bəla və çətinliklər bəzən insanın mənəvi təkamülü üçün bir fürsət olur. — Təvəkkülün təsiri Təvəkkül edən insan – “Allahım, yalnız Sənə arxalanıram” deyən şəxs – həm ruhən sakitləşir, həm də həyatında gerçək dəyişikliklər görür. Allah belə şəxslərin qəlbinə rahatlıq bəxş edir, yollarını açır və ruzilərini artırır. Təvəkkül sahibi, həyatının hər bir mərhələsində Allahın hikmətini görür və Ona daha çox bağlanır.

Müsəlmanın həyat tərzi 20.02.2025

İnsan necə rahat yaşaya bilər?

İnsan necə rahat yaşaya bilər? Həqiqi rahatlıq, yəni “asudəlik”, yalnız bədənin deyil, ruhun və zehnin sakitliyidir. Bədən rahatlığı düzgün qidalanma və idmanla əldə olunsa da, insanların əsl axtardığı dinclik – daxili aramlıqdır. Bu rahatlıq isə yalnız ruhun və qəlbin hüzur tapması ilə mümkündür. Bəs bu hüzur necə əldə olunur? Cavab sadədir: Allah-Təalaya diqqət yetirməklə. İnsan unutmamalıdır ki, başı üzərində bir Rəbb var və Onun iradəsi ilə hər şey baş verir. Hər an Rəbbinlə əlaqədə olduğunu hiss edən insan, həyatın çətinlikləri qarşısında qorxu və təşvişə qapılmaz. Qurani-Kərimdə Allah belə buyurur: ər-Rad surəsi, 28-ci ayə O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ “Kim Mənim zikrimdən üz çevirərsə, onun üçün dar bir həyat olacaqdır…” — (Taha surəsi, 124-cü ayə)

Müsəlmanın həyat tərzi 20.02.2025

“Həyatın Çətinlikləriylə Necə Mübarizə Aparılmalı?”

Hamı elə düşünür ki, çətinlik çəkmədən yaşamaq olar. Amma bu, yanılmadır. Belə düşünənlər həyatda yerlə göy arasında vuruşur, hamıya nifrət edir, şikayətlənir. Halbuki heç kim çətinliksiz yaşaya bilməz. Allah buyurur: “Biz insanı çətinlik içində xəlq etdik.” (Bələd surəsi, 4-cü ayə) Çətinlik hikmət üzündəndir. Ona qarşı çıxma, Allahla danışma. Unutma ki, çətinliyi sənə verən Odur. O, hara və necə təsir edəcəyini bilir. Çünki səni Yaradan da Odur. Ağır bir çətinlikdən sonra düşüncən daha aydın və güclü olur. Sadəcə, çətinliyə düşmən kimi baxmaq əvəzinə, onun mahiyyətini anlamalı, onunla düzgün əlaqə qurmalısan. Çətinliyi qəbul etdikdə, o sənin inkişafına, qurtuluşuna səbəb olur.

Müsəlmanın həyat tərzi 20.02.2025

“Qorxularımız bizə nə öyrədir və niyə imtina etməməliyik?”

Həyat insanı istədikləri ilə sınayar, arxasınca qaçdığı şeylərdən məhrum edər və ən çox qorxduqları ilə üzləşdirər. Bəzən bir şeyi nə qədər çox istəsək, o qədər də uzaq düşərik. Sevdiklərimiz bizə sınaq, qorxularımız isə bir dərs olar. Uca Allah buyurur: “Allah heç kəsi gücü çatmayan bir şeylə yükləməz. Hər kəsin qazandığı (xeyir) öz xeyrinə, qazandığı (günah) isə öz əleyhinədir.” (Bəqərə, 2/286) Bu ayə mahiyyəti insanı gücləndirməkdir. Arxası ilə qaldığımız şeylər bizə aid deyilsə, heç vaxt bizə çatmaz. Qorxularımızdan qaçmaq yerinə, onlarla üzləşərək onları aşmalıyıq. Həyatın bizə öyrətdiyi dərs budur: Səbr etməyi, sınmalara dözməyi və cəsarətli olmağı bacaran insan həqiqi mənada qalib gəlir.

Müsəlmanın həyat tərzi 19.02.2025

Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq.

Bu dünya müvəqqətidir. Sevinc də, kədər də, çətinliklər də bir gün sona çatacaq. Dünyanı tanıyan insan bunu anlayar və problemlərə görə qüssələnməz. Çünki bilir ki, hər çətinlik Allaha yaxınlaşmaq üçün bir imkandır. İmam Əli (ə) buyurur: “Dünyanı tanıyan kəs problemlərinə görə qüssələnməz.” Həyatın hər anı bizə bir mesajdır: Sevincin qiymətini bil, çətinliklərdə səbirli ol və axirətini düşün. Qarşına çıxan hər sınaq, qəlbini Allaha bağlamağın bir yoludur. Unutma, hər fırtınadan sonra günəş çıxar. Allahın mərhəmətinə güvən və həmişə ümidli ol.

Müsəlmanın həyat tərzi 18.02.2025

Keçmişin yükünü burax və özünü azad hiss et.

Bəlkə də gedən bir şey üçün kədərlənirsən. Amma bir düşün: o şey sənin üçün yük idimi, yoxsa azadlıq? Bəzən sıx-sıx sarıldığımız şeylər, əslində, bizə lazım olmayan ağırlıqlardır. Keçmişi geri qaytarmaq mümkün deyil, amma o, sənin üçün yeni yollar aça bilər. Allah Quranda buyurur: ət-Tovbə surəsi, 51-ci ayə De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” Ağlamaq, bəlkə də, vicdanın təbii bir səsidir. Amma unutma: həyat davam edir. Hər son bir başlanğıc gətirir. Gedənlərə yox, qarşıda açılan yeni qapılara bax. Keçmişin yükünü burax və özünü azad hiss et. Çünki həqiqi azadlıq, həyatın təklif etdiyi fürsətləri qəbul etməkdir.

Müsəlmanın həyat tərzi 18.02.2025

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün,

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün, Bir ömür yaşayırıq, bir gün torpağa qovuşmaq üçün. Nə mal, nə mülk, nə şöhrət qalır, Sonda hər şey – 7 metr ağ kəfən olur. Uca Allah buyurur: “Siz harada olursunuzsa olun, hətta uca qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır…” (Nisa, 78). Dünyanın nemətləri əlimizdən axıb gedir, Zamanı saxlamaq mümkünsüzdür, Həyat bir göz qırpımı qədər qısadır, Əbədilik isə – özünlə apardığın əməllərdədir. Unutma: hər bir addım, hər bir an sənin üçün sınaqdı. Ömrünü mənasız xərcləmə, Çünki bu yolun sonu – 7 metr ağ kəfəndir.

1 2 3 4 5