Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 15.02.2025

“Zariyat” surəsi

“Zariyat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (buludları) hərəkətə gətirən küləklərə! And olsun ağır (yağış) yükü daşıyan buludlara! And olsun asanlıqla hərəkət edən gəmilərə! And olsun işləri paylaşdıran mələklərə! Sizə vəd olunanlar əlbəttə, həqiqətdir. Şübhəsiz ki, əməllərin əvəzinin veriləcəyi mütləqdir! ——————————————————————————- 39-40. Dörd vaxt Allaha tərif demək: Təfsirçilər ayədə dörd vaxt Allaha tərif söylənməsi (gün doğmazdan əvvəl, qürubdan əvvəl, gecə və səcdələrdən sonra) məsələsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəzi böyük təfsirçilər belə yazırlar: Gün doğmazdan əvvəlki tərifi sübh namazı kimi başa düşmək olar. Yəni həmin ifadə ilə sübh namazı nəzərdə tutulmuşdur. Qürubdan əvvəlki tərifi əsr namazı və ya zöhr və əsr namazları, gecənin bir hissəsinin tərifini isə məğrib və işa namazları kimi başa düşmək olar.  Səcdədən sonranın tərifinin namazlardan sonrakı təriflərə aid olduğunu deyə bilərik. Səcdə namazın hər bir rükətinin sonunda gəldiyi və namazlardan sonra edilən dualar da namaz bitdikdən sonra yerinə yetirildiyi üçün bunu belə izah edə bilərik.[1] “Zariyat” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi mövzuları beş bölmə üzrə ümumiləşdirmək olar: 1. Surənin əsas hissəsini məad mövzusu təşkil edir; 2. Yaranış sistemində Allahın varlığını və Allahın tək olduğunu göstərən əlamətlər; 3. İbrahimə qonaq olmuş və Lut qövmünün yaşadığı şəhərləri məhv etməyə ezam olunmuş mələklər; 4. Musa (ə), Ad qövmü, Səmud və Nuh (ə) qövmünün başına gələnlərdən fraqmentlər; 5. İnadkar qövmlərin keçmiş peyğəmbərlərə qarşı mübarizələri, qatı müxaliflərlə qarşı-qarşıya dayanmış İslam peyğəmbərinə (s) təskinlik verilməsi, onu dözümlü olmağa çağırmaq.[2] 1-4. Ayədə qeyd edilən andların izahı: Ayələrdə diqqətləri bir məsələyə yönəltmək üçün bir-birinin ardınca bir neçə and qeyd edilmişdir. Həmin məsələ insana etdiyi əməllərin əvəzinin verilməsindən ibarətdir. Birinci ayədə buludları ətrafa yayan (toxumları və zərrələri yer üzünə yayan) küləklərə and içilmişdir. İkinci ayədə ağır yağış yükünü daşıyan buludlara, sonra asanlıqla hərəkət edən gəmilərə, dördüncü ayədə Allahın əmrlərini yerinə yetirən, Onun əmrlərini vəzifə və səlahiyyətlərinə uyğun olaraq bölüşdürən mələklərə and içilmişdir. Allahın dünyanın yaranışı və idarəçiliyi ilə bağlı əmri birdir. Ancaq bu əmr ayrı-ayrı vəzifə daşıyan mələklərə çatdıqda bölüşdürülür. Bu təsnifat kainatın ən kiçik işlərini görməyə ezam edilmiş mələklərə qədər davam etdirilir. Allahın dünyanın idarə edilməsi ilə bağlı fərmanı mələklərə çatdıqda hər bir mələk öz vəzifəsinə müvafiq olaraq davranır və dünyanın ayrı-ayrı hissələrinin idarəçiliyi ilə məşğul olur. Gördüyümüz kimi, bu dörd ayədə dünyanın bütün hissələrinə işarə edilmişdir. “Hərəkətə gətirən küləklər” ifadəsi ilə quruya aid bəzi hadisələrin idarəçiliyinə, “asanlıqla hərəkət edən gəmilər” ifadəsi ilə dənizlərin idarə edilməsinə, “yağış yağdıran buludlar” ifadəsi ilə göylərin idarəçiliyinə, “işləri bölüşdürən idarəedici mələklər” ifadəsi ilə isə kainatın digər idarəçiliyinə işarə edilmişdir. Deməli, bu dörd ayədə Allah-taala bizə bunları bəyan edir: “And olsun dünyanın idarəçiliyində rol oynayan bütün bu vasitələrə, sizə verdiyim vəd doğrudur, əməllərin əvəzi veriləcək.” Sünni və şiə mənbələrində bu ayənin qeyd olunan formadakı təfsiri İmam Əliyə (ə) aid olan bir hədisə istinad edilir.[3] And olsun gözəl qatları olan səmaya! Sizin (Qiyamətlə bağlı) sözləriniz ziddiyyətlidir. Ona iman gətirməkdən (yalnız) haqdan boyun qaçıran dönər. Ölüm olsun yalançılara – cəhalət və qəflət içində batanlara! Onlar dayanmadan soruşurlar: “Haqq-hesab günü nə vaxt olacaq?” Həmin gün onları odda yandıracaqlar. (Onlara deyiləcək:) “Dadın əzabınızı! Sizin tələsdiyiniz şey budur!” Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar, öz Rəblərinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. Onlar gecələrin az bir hissəsini yatırdılar. Səhərlər isə bağışlanma diləyirdilər. Onların mal-dövlətində dilənçi və yoxsullar üçün pay vardır. Yəqinlik axtarışında olanlar üçün yer üzündə nişanələr vardır. Sizin öz varlığınızda da (nişanələr vardır.) Məgər görmürsünüz? Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir. Göyün və yerin Rəbbinə and olsun ki, bu, sizin danışığınız kimi həqiqətdir. İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatıbmı? Onlar onun yanına daxil olub: “(Sənə) salam olsun!” – dedilər. (İbrahim:) “Sizə də salam olsun! Siz yad adamlarsınız!” – dedi. Sonra xəlvətcə ailəsinin yanına getdi və (qızardılmış) kök bir buzov gətirdi və onların qarşısına qoydu. (Yeməyə əl uzatmadıqlarını görüb təəccüblə) soruşdu: “Yemək yemirsiniz?” Onlardan qorxdu. Dedilər: “Qorxma! (Biz Allahın elçiləriyik)”. Ona elmli bir oğlunun olacağını müjdə verdilər. Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!” Onlar dedilər: “Sənin Rəbbin belə deyib. O, müdrikdir, biləndir!” —————————————————————————————- Göyün qatları: “Hubk” sözünün çox mənası, o cümlədən yollar, küləklər nəticəsində səhranın qumları üzərində yaranan qatlar, suyun üzərində yaranan ləpələr və buludlar üzərində yaranan qırışlar mənası var. Buruq saçlara da “hubk” deyilir. Bəzən bu söz gözəllik, nizam-intizamlı və səliqəli mənasında da işlədilir. Bu sözün əsl mənası isə bağlamaq və məhkəmlətməkdir. Bu mənaların hamısının bir mənbədən qaynaqlandığını deyə bilərik. Həmin mənbə dalğalar, buludlar, qumlar və saçda yaranan buruqlardır. Bu mənanın səmaya aid edilməsinə gəlincə isə, bu, ulduz yığınının müxtəlif formaları, planetlərin vəziyyətləri və göydəki buludların qəribə şəkilləri ilə bağlı ola bilər. Buludlar bəzən o qədər gözəl olur ki, insan uzun müddət gözünü onlardan çəkə bilmir. Bu məna qalaktiklarda saç buruqlarını xatırladan böyük kütlələrin forması ilə də bağlı ola bilər. Alimlərin teleskoplar vasitəsilə qalaktikalardan əldə etdikləri görüntülər burulmuş saçları xatırladır. Bu izaha əsasən Allah insanların hələ görə bilmədikləri səmaya və böyük qalaktikalara and içir. Bu mənaların bir-biri ilə təzad təşkil etmədiyini nəzərə alsaq, onların hamısının bu andda nəzərdə tutula biləcəyini deyə bilərik. “Muminun” surəsinin 17-ci ayəsində belə deyilir: “Biz sizin yuxarınızda yeddi yol yaratdıq.” Burada göylərin, planetlərin, qalaktikaların və müxtəlif aləmlərin çoxluğuna işarə edilmişdir. Bir məsələni də qeyd etmək lazımdır ki, “hubk” sözü göylərin möhkəmliyinə və Günəş sisteminə daxil olan planetləri bir-biri ilə olan əlaqələrin sarsılmazlığına işarə ola bilər.[4] 22-23. Sizin ruziniz göydədir: Bəzi ayə və hədislərdə hər bir canlının ruzisinin Allaha aid olduğu qeyd edilmişdir. İndi ortaya belə bir sual çıxır: əgər belədirsə, o zaman ruzi qazanmaq və yaşayışı təmin etmək üçün çalışmağın və əziyyət çəkməyin, cəmiyyətin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün proqramlar hazırlamağın nə mənası var? Ruziyə Allah tərəfindən zəmanət verilməsi, onun bölünməsi və sair deyilərkən ona potensiallar – insanın özündə və özündən kənar potensialların yaradılması nəzərdə tutulur. Bu ikisi birləşdiyi zaman insan öz ruzi payını əldə edə bilir. Bir nüansı da yaddan çıxarmamalıyıq ki, insanın səbəblər aləmi içində itib batmaması, ruzinin yalnız səy və fəaliyyətlərin nəticəsi olduğunu düşünməməsi üçün Allah bəzən insanlara heç bir zəhmətsiz ruzi yetirir, bəzən isə həddən artıq zəhmətkeş olan bir adamı ruzidən məhrum edir. Bunu bütün səbəblər üzərində başqa bir qüdrətin hökmran olduğunu başa salmaq üçün edir. Əgər bizim ruzimizə zəmanət verilibsə, bəs nə üçün bəzi adamlar acdır? Bu suala cavab vermək üçün bir neçə məqama diqqət yetirmək lazımdır: 1. Ruziyə zəmanət və təminat vermək o demək deyil ki, o, ağlı olan insana zəhmətsiz verilməli, qapısının ağzına aparılmalı, tikə edilib ağzına qoyulmalıdır. “Zəmanət” deyilərkən potensial və zəmin yaradılanması nəzərdə tutulur. İnsanın səy və fəaliyyətləri bu potensialların reallaşmasının əsas şərtidir. 2. Bir qrup insanın keçmişdə və indi başqalarının hüquqlarını əlindən alması, zorla ruzisinə sahib olması ruzinin Allah tərəfindən təmin edilməməsi kimi başa düşülməməlidir. 3. İnsanın qidalanması üçün Yer kürəsində çox zəngin mənbələr var, insan ağlını və beynini işlədərək onlardan faydalanmalıdır. Əgər insan səhlənkarlıq edirsə, təqsirkar o özüdür. 4. Hədislərdə ruzinin artmasına səbəb olan bir çox amillər göstərilmişdir. Həmin amillərdən bir neçəsi bunlardır: Qohumlara baş çəkmək, evin, bədənin və paltarın təmizliyi, müsəlman qardaşlarla qarşılıqlı yardımlaşma, səhər tezdən ruzi dalınca çıxmaq, nemətin şükrünü etmək, tamahı tərk etmək, yalandan and içməyi tərgitmək, bağışlanma diləmək, günahlara görə tövbə etmək, işlərdə yaxşı niyyətdə olmaq, qonşulara yaxşılıq, Allaha diqqət. Bu faktorların hər biri cəmiyyətin sağlam olmasında, iqtisadi hədəflərin inkişaf etdirilməsində və ruzinin artmasında böyük rol oynayır.[5] (İbrahim) dedi: “Siz hansı işdən ötrü ezam edilmisiniz, ey elçilər?” Dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki, üstlərinə gildən daşlar yağdıraq – həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!” Biz o şəhərlərdə olan möminləri (əzab nazil olmazdan əvvəl) çıxartdıq. Amma orada bir ailədən başqa müsəlman tapmadıq. Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq. Musanın həyatında da (nişanə və ibrət dərsi) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik. Ancaq o, bütün varlığı ilə ondan üz çevirib dedi: “Bu ya sehrbazdır, ya dəli!” Buna görə də Biz onu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi. Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə yağışsız bir külək göndərmişdik. O (külək) üstündən keçdiyi hər bir şeyi çürümüş sümüklər kimi etdi. Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Qısa müddət bəhrələnin!” – deyilmişdi. Onlar öz Rəblərinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu. Yerə elə yıxıldılar ki, ayağa qalxa və kimdənsə kömək istəyə bilmədilər. Onlardan Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər. Biz göyü qüdrətlə yaratdıq və sürəkli olaraq onu genişləndiririk. Yeri də açdıq. Nə gözəl genişləndirənik! Biz hər şeydən cütlər yaratdıq ki, bəlkə xatırlayasınız. Elə isə, “Allaha tərəf qaçın! Mən onun tərəfindən sizi açıq-aşkar qorxudanam! Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən Onun tərəfindən sizi açıq-aşkar qorxudanam!” ——————————————————————————— Göylərin davamlı olaraq genişlənməsi: Bəzi təfsirçilər bu genişlənməni Allahın bəndələrə yağış vasitəsilə göndərdiyi ruzini genişləndirməsi kimi izah etmişlər. Bəzilərinə görə burada ruzinin hər cəhətdən genişlənməsi nəzərdə tutulmuşdur. Bəziləri onu Allahın ehtiyacsız olması kimi izah etmişlər. Çünki Onun xəzinələri o qədər genişdir ki, məxluqata ruzi verməklə əsla tükənmir və azalmır. Ancaq həm əvvəlki ayədə göylərin yaranması, həm də müasir dövr alimlərinin dünyanın genişlənməsi ilə bağlı kəşfləri, bu kəşflərin intuitiv müşahidələr vasitəsilə də təsdiqinə nəzər salsaq, ayənin daha incə məna ifadə etməsi qənaətinə gələ bilərik. Belə ki, Allah göyləri yaradıb və onları davamlı olaraq genişləndirir. Müasir elmi nailiyyətlər təkcə Yer kürəsinin kosmik maddələri cəzb edərək tədricən ağırlaşdığını deyil, göylərin də sürəkli olaraq genişləndiyini təsdiq edir. Belə ki, müşahidələr bir qalaktikaya aid olan ulduzların sürətlə həmin qalaktikanın mərkəzindən uzaqlaşdığını göstərir. “Biz genişləndirənik” ifadəsi göstərir ki, bu genişlənmə hər zaman olmuş və indi də davam edir. Müasir alimlər artıq belə bir qənaətə gəliblər ki, planetlər və qalaktikalar başlanğıcda vahid mərkəzdə bir yerdə olublar. Sonra böyük bir partlayış baş verib. Həmin partlayışın ardınca dünyanın hissələri parçalara ayrılaraq planetlər formasını alıblar. İndi də genişlənməkdə və geriləməkdədirlər.[6] Bütün yaradılmışların cüt yaradılması: Təfsirçilərin çoxu “cüt” sözünün burada müxtəlif siniflər mənasında olduğunu yazmış və ayədə bu dünyada mövcud olan varlıqların cüt formasını almış müxtəlif siniflərinə işarə edildiyini qeyd etmişlər. Buna gecə və gündüz, işıq və qaranlıq, dəniz və səhra, günəş və ay və sairəni misal göstərmək olar. Bu cür ayələrdə “cüt” sözünü daha dəqiq mənaya aid etmək olar. Çünki bitki və heyvanat aləmindən asılı olmayaraq, “cüt” sözünü adətən, dişi və erkək cinsinə aid edirlər. Əgər bu sözün məna yükünü bir qədər də genişləndirsək, bütün müsbət və mənfi yüklü zərəciklərə də şamil olduğunu görərik. Quranın bu ayəsində “hər şeydən” ifadəsinin işlədildiyini nəzərə alsaq, deməli, burada canlı və cansız olmasından asılı olmayaraq, bütün mövcudatın müsbət və mənfi zərrələrdən təşkil olunmasına işarə edildiyini başa düşərik. Müasir elm atomların müxtəlif hissələrdən, o cümlədən elektron adlanan mənfi, proton adlanan müsbət yüklü hissələrdən təşkil olunduğunu sübuta yetirmişdir. Buna görə də “şey” sözünü heyvan və bitki, “cüt” sözünü də sinif mənasında izah etməyə lüzum yoxdur. Bu iki mənanı birlikdə götürmək də olar.[7] Allaha doğru qaçmaq: “Fərar” (qaçmaq) sözü burada çox gözəl və incə bir mənanı ifadə edir. İnsan qorxulu bir varlıq və ya hadisə ilə qarşılaşdıqda sürətlə uzaqlaşaraq sığınacaq bildiyi təhlükəsiz yerə qaçır. Müşriklər də qorxulu inanc olan şirk və bütpərəstlikdən həqiqi təhlükəsiz və əmin-aman yer olan xalis tövhidə doğru qaçmalıdırlar. Buna görə də ayədə hər kəsin Allahın əzabından rəhmətinə, günahdan tövbəyə doğru, çirkinliklərdən, pisliklərdən, imansızlıqdan, cəhalət qaranlıqlarından, əbədi əzabdan Allahın rəhmətinə, bağışlanmaya və əbədi xoşbəxtliyə doğru qaçmasını göstəriş verir. İmam Sadiqin (ə) bir hədisində “Allaha doğru qaçmaq” deyilərkən həcc və Allah evini ziyarətin nəzərdə tutulduğu qeyd edilmişdir. Məlumdur ki, Allah evini ziyarət Allaha doğru qaçmağın parlaq nümunələrindən biridir. Çünki həcc insanı tövhid, tövbə və bağışlanma diləməyin həqiqəti ilə tanış edir, Allahın lütf və mərhəmət dolu sığınacağına daxil edir.[8]   Belədir, bunlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində): “Sehrbazdır, ya da dəlidir!” – deməsinlər. Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır. İndi ki belədir, artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan. Sən dayanmadan xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir. Mən cinləri və insanları ancaq Mənə ibadət etmələri üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm. Allah ruzi verəndir, qüdrət və qüvvət sahibidir. Zülm edənləri həmtaylarının payı kimi böyük bir əzab payı gözləyir. Buna görə də tələsməsinlər! Onlara vəd olunmuş gündən ötrü vay kafirlərin halına! ———————————————————————————— [1] Əl-Mizan, c.18, səh.364 [2] Nümunə, c.22, səh.303 [3] Pəyame-Quran, c.2, səh.356 [4] Nümunə, c.22, səh.312 [5] Pəyame-Quran, c.2 ,səh.356 [6] Nümunə, c.22, səh.373 [7] Nümunə, c.22, səh.376 [8] Nümunə, c.22, səh.377

QURANI KƏRIM 15.02.2025

“Qaf” surəsi

  “Qaf” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Qaf. Şərafətli Qurana and olsun! Onlar öz aralarından qorxudan bir peyğəmbər gəlməsinə təəccüb etdilər və kafirlər dedilər: “Bu, çox qəribə bir şeydir. Məgər biz ölüb torpağa qarışdıqdan sonra (yenidən həyata qayıdacağıq)? Bu, əlçatmaz bir qayıdışdır!” Ancaq Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyin qorunub saxlandığı bir kitab vardır. Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. Buna görə də dağınıq işləri arasında çaşqın vəziyyətdədirlər. Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlər? Orada heç bir yarıq da yoxdur. Biz yeri genişləndirdik, oraya böyük və möhkəm dağlar saldıq, zövq-səfa bəxş edən gözəl bitkilərin hər növündən yetişdirdik. (Bunu) tövbə edən hər bir bəndənin gözünün açılması və xatırlaması üçün (etdik). Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. Eləcə də sıx meyvələri olan hündür xurma ağacları (bitirdik.) Bütün bunlar bəndələrə ruzi bəxş etmək üçündür! Yağış vasitəsilə ölü bir məmləkəti diriltdik. Ölülərin dirilməsi də belədir. Onlardan əvvəl Nuhun qövmü, Rəss əhli, Səmudun qövmü (peyğəmbərlərini) yalançı saydı. Habelə Ad, Firon və Lutun qövmü, Əykə əhli və Tübbə qövmü – bunların hamısı Allahın göndərdiyi elçiləri yalançı saydı və onların haqqında olan əzab vədi gerçəkləşdi. Məgər Biz ilk yaradılışa acizlikmi çəkdik? Xeyr! Onlar yenə də yeni yaradılış barəsində şübhə içindədirlər. ———————————————————————————- “Qaf” surəsinin ümumi məzmunu: Bu surənin əsas məzmununu məada aid məsələlər təşkil edir. Demək olar ki, bütün ayələr bu mövzu ətrafında dövr edir, digər mövzular isə periferik və qeyri-əsas səciyə daşıyır. Məada aid məsələlərdə aşağıdakı cəhətlərə daha çox diqqət ayrılmışdır: 1. Kafirlərin məadı (cismani məadı) inkar etməsi və bu məsələyə təəccüblə yanaşması; 2. Diqqətləri yaranış sisteminə, xüsusilə yağışın yağması ilə ölü yerlərin yenidən dirilməsi məsələsinin üzərinə çəkməklə məadın əsaslandırılması; 3. Diqqətləri insanın yardılışına çəkməklə məadın əsaslandırılması; 4. Əməl və danışıqların hesablaşma günü üçün qeyd edilməsinə işarə edilməsi; 5. Ölüm və bu dünyadan o dünyaya köçmə halları; 6. Qiyamət gününə aid bəzi məsələlər, Cənnət və Cəhənnəmin bəzi xüsusiyyətləri; 7. Başqa bir dünya üçün başlanğıc olan bu dünyanın sonunda baş verəcək hadisələrə işarə. Bu mövzularla yanaşı hədlərini aşmış bəzi xalqların vəziyyəti, acı taleyi, Allah və İslam peyğəmbərinə diqqət yetirilməsi, surənin əvvəli və sonunda Quranın əzəmət və böyüklüyü kimi məsələlərə işarə edilmişdir.[1] Məadı inkar edənlərin iki iradına cavab: Bu ayədə məadı inkar edənlərin iki iradına cavab verilmişdir: Birinci irad budur ki, insan öldükdən sonra onun sümükləri çürüyür, əti torpağa çevrilir, bütün zərrələri də qaz və buxar halında havaya yayılır. Belə olan halda onları yenidən bir yerə kim toplaya bilər, ümumiyyətlə, onları kim ayırd edə bilər? Sualın cavabı çox aydındır. Elmi bütün əşyaları əhatə edən Allah bütün bu zərrələrdən xəbərdardır, lazım gəldiyi zaman hamısını toplayır. Dəmirçi ətrafa səpələnmiş dəmir qırıntılarını tüstü yığını arasında bir maqnit parçası vasitəsilə bir yerə topladığı kimi, Allah üçün də insanın zərrələrini bir yerə toplamaq çox asandır. İkinci irad budur ki, insanın əməllərinin hesab-kitabını məad və Qiyamət gününə qədər kim qoruyub saxlayır? Cavab budur ki, onların hamısı “lövhi-məhfuz”da qorunub saxlanır.[2] Bütün əşyalar, təsirlər və vəziyyətlər bu kitabda qorunub saxlanır, o, heç bir dəyişikliyə məruz qalmır. Dünyada nə olub, nə olur və nə olacaqsa, hamısı həmin kitabda qeyd edilib.[3] Heç bir yarıq və kəsiyi olmayan göy: Bu cümlə ya göyün nöqsansız, qüsursuz və eyibsiz olduğunu, ya da Yer kürəsini əhatə edən göyün heç bir kəsintisinin olmadığını ifadə edir. “Ənbiya” surəsinin 32-ci ayəsində göy “qorunan tavan” adlandırılmışdır. O, davamlı olaraq kosmosdan sürətlə Yer kürəsinə doğru yağan daşların qarşısını kəsir, Yerə çatmazdan əvvəl onları yandırıb kül edir, bundan başqa kosmosdan gələn zərərli şüaların qarşısını alır. Əgər bunlar olmasa, göy təkcə ulduzların səpələndiyi və planetlərin üzdüyü boş məkandan başqa bir şey olmaz.[4] Biz insanı yaratdıq və onun nəfsinin vəsvəsələrini də bilirik. Biz ona şah damarından da yaxınıq. İnsanı sağ və soldan müşayiət edən iki mələk onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, həmin an nəzarətçi və hazır dayanmış mələk (onu qeydə alıb) vəzifəsini yerinə yetirməsin. Nəhayət, ölüm məstliyi həqiqəti (gözlər önünə) gətirəcəkdir. (Ona deyiləcək:) Bu, sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Həmin gün qorxulu vədin gerçəkləşdiyi gündür. Hər kəs məhşərə yol göstərən və şahidlə birlikdə gələcəkdir. (Ona deyiləcək:) Sən bu səhnədən xəbərsiz idin. Biz pərdəni sənin gözlərinin önündən qaldırdıq. Bu gün gözlərin çox iti görür!” Onunla birlikdə olan mələk deyəcəkdir: “Bu, onun məndə olan əməl dəftəridir!” (Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadkar, təkəbbürlü kafiri, xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı! Atın onu şiddətli əzabın içinə!” (Şeytanlardan olan) yoldaşı deyəcəkdir: “Ey Rəbbimiz! Onu itaətsizlik göstərməyə mən məcbur etmədim, əksinə, o özü dərin azğınlıq içində idi!” (Allah) deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim. Mənim sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!” O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik. O isə: “Yenə varmı?” – deyəcəkdir. Cənnəti müttəqilərə yaxınlaşdıracaqlar, onlardan uzaqda olmaya­­caqdır. Budur sizə vəd edilən! O, Allaha doğru qayıdan, Onun əhd, əmr və hökmlərini qoruyan, mərhəmətli Allahdan Onu görmədən qorxan və (Allaha) yönəlmiş qəlblə gələn kimsələr üçündür. (Onlara deyilər:) Cənnətə sağ-salamat daxil olun! Bu gün əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey var. Üstəlik hüzurumuzda bundan da artığı vardır. ———————————————————————————– Şah damardan yaxındır: Bizim fiziki həyatımız qanı müntəzəm olaraq ürəyə ötürən və oradan xaric edərək bütün bədən üzvlərinə paylayan (venoz və arterial) damarlardan asılıdır. Əgər bu fəaliyyət bir anlıq dayansa, insan dərhal ölər. Allah-taala da bizə şah damarımızdan yaxındır. Bu ayə Allah-taalanın “Ənfal” surəsinin 24-cü ayəsində “bilin ki, Allah insanla onun qəlbi arasında pərdə olur”, – deyə buyurduğu cümləyə bənzəyir. Allah bundan da yaxın və üstündür. Maddi aləmdə bundan daha açıq bənzətmə tapmaq olmur. Allahın elminin bu cür əhatəsi və bizim Onun qüdrəti ilə əhatə olunmağımız üzərimizə düşən vəzifəyə aydınlıq gətirir. Bizim danışıqlarımız, hərəkətlərimiz, düşüncələrimiz, niyyətlərimiz, hətta qəlbimizdəki vəsvəsələrimiz də Ona gizli deyil. Bu həqiqətə diqqət insanı ayıldır, onu Allahın ədalət məhkəməsindəki ağır məsuliyyəti ilə tanış edir, laqeyid insanı öhdəliyi olan bir varlığa çevirir.[5] 17-18. Sizin ən kiçik sözlərinizi də yazırlar: 16-cı ayədə Allahın elminin aşkar və gizlini, insanın daxilini və xaricini əhatə etdiyi buyurulur. Nəzər nöqtəsi olan ayələrdə isə, bununla yanaşı insana sağdan və soldan nəzarət edərək əməllərini qoruyan, hər zaman onunla olan, bir an belə ondan ayrılmayan iki mələyin də olduğu qeyd edilir. Bu, dəlil tamlığını təmin etmək və əməllərə görə cavab veriləcəyinin daha çox diqqət mərkəzində saxlanılmasının zəruri olduğunu çatdırmaq üçündür.[6] İmam Sadiq (ə) buyurmuşdur: “Allah mələklərə ibadət etməyi əmr edib və bəndələrinə şahidlik etməyi tapşırıb ki, bəndələri onların müşayiəti ilə Allaha itaətdə daha diqqətli olsunlar, Ona üsyan etməkdən daha çox çəkinsinlər. O qədər bəndə olub ki, hər hansı günahı etməyə niyyətlənmiş, ancaq bu iki mələyi xatırlayıb həmin günahdan çəkinərək demişdir: Rəbbim məni görür, əməlləri qoruyan mələklər də şahidlik edirlər.”[7] Peyğəmbərə (s) istinad edilən hədislərdə sağ tərəfin mələyinin yaxşı əməlləri, sol tərəfin mələyinin pis əməlləri yazdığı, ikinci mələyin birinci mələyə tabe olduğu qeyd edilmişdir. İnsan hər hansı yaxşı əməli etdikdə sağ tərəfdəki mələk on dəfə artıq yazır, insan günaha yol verdikdə və sol tərəfdəki mələk onu yazmaq istədikdə sağ tərəfdəki mələk ona tələsməməyi əmr edir. Günah əməli yazmağa təyin edilmiş mələk yeddi saat bu əməli yazmayıb gözləyir. Əgər insan peşman olub tövbə edərsə, heç nə yazılmır, əgər tövbə etmirsə, yalnız bir günah yazılır. Hədislərdə qeyd edilir ki, mömin insan dünyasını dəyişdikdən sonra onlar deyirlər: Ey Rəbbimiz, bəndənin ruhunu bədənindən aldıqdan sonra bizim işimiz nə olacaq? Allah-taala buyurur: “Mənim göyüm mələklərimlə, yerim isə yaratdıqlarımla doludur. Siz bəndəmin qəbrinə girin, orada təsbih (subhanəllah), təkbir (Allahu əkbər) və təhlil (la ilahə illəllah) deyin və savabını Qiyamətə qədər bəndəmin yaxşı əməllər dəftərinə yazın.”[8] Ölüm məstliyi: Ölüm məstliyi ölüm anı yetişdikdən sonra qeyri-adi həyəcan formasında meydana gələn məstlikdir. Bu məstlik beyinə nüfuz edərək insanda güclü həyəcan və narahatlıq yaradır. İmam Əli (ə) ölüm anları və onun məstliyini çox canlı şəkildə təsvir edərək belə buyurur: “Ölüm məstliyi bir tərəfdən, fürsətlərin əldən verilməsinin həsrəti digər tərəfdən. Əlləri və ayaqları süstləşir, rəngləri dəyişir. Ölüm bədənlərinə nüfuz etdikdə dilləri fəaliyyətdən düşür. Ailə və yaxınlarının arasında uzanmış vəziyyətdə gözləri görür, qulaqları eşidir, ağlı yerindədir, şüuru və dərki işləyir. Ömrünü hansı yolda zay etməsi, günlərini necə keçirməsi haqqında düşünür, topladığı sərvəti xatırlayır, onu toplamaq üçün halal və harama göz yummuşdu, halal və haramı, şübhəli mal olduğu aşkar olan yerdən sərvət toplamışdı, indi onların yükü boynundadır, bilir ki, ayrılıq vaxtı yetişib, ondan sonra sərvəti miras yeyənlərə qalacaq, onlar ondan faydalanacaqlar, ancaq zülmü onun boynunda qalacaq, miras başqalarına nəsib olduğu halda, o sərvətin girovundadır.”[9]     Biz onlardan əvvəl özlərindən daha qüvvətli, şəhərlər (və ölkələr) fəth edən neçə-neçə nəsilləri məhv etdik. Məgər (əzabdan) qaçıb qurtarmaq olarmı?” Bunda ağlı olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün xatırlatma və ibrət vardır. Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir əziyyət və çətinlik olmadı. Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbinə həmd və tərif de! Gecənin bir hissəsində və səcdələrdən sonra Onun şəninə təriflər de! Və dinlə (ey Peyğəmbər)! O gün carçı yaxın bir yerdən çağıracaqdır. O gün onlar bu səsi həqiqətən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür. Dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. O gün yer onlardan ötrü sürətlə yarılacaq, onlar (qəbirlərdən) çıxacaqlar. Bu cür toplamaq Bizim üçün asandır. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim əzabımdan qorxanlara Quran vasitəsilə xatırlat! [1] Nümunə, c.22, səh.222 [2] Nümunə, c.22, səh.230 [3] Əl-Mizan, c.18, səh.343 [4] Nümunə, c.22, səh.334 [5] Nümunə, c.22, səh.244 [6] Nümunə, c.22, səh.247 [7] Pəyame-Quran, c.6, səh.109 [8] Məcməül-bəyan, c.9, səh.240 [9] Nümunə, c.22, səh.255

QURANI KƏRIM 15.02.2025

“Hucurat” surəsi

“Hucurat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey iman gətirənlər! (Heç bir şeydə) Allahı və Onun elçisini qabaqlamayın. Allahdan qorxun! Allah eşi­­dəndir, biləndir. Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın və bir-birinizin yanında olduğu kimi, onun da yanında uca səslə danışmayın (hay-küy salmayın). Yoxsa, özünüz də hiss etmədən əməlləriniz puç olar. Allahın elçisinin yanında səsini endirənlər o şəxslərdir ki, Allah onların qəlbini təqva üçün xalis etmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir. Səni otaqların arxasından uca səslə səsləyənlərin əksəriyyəti anlamır. —————————————————————————————– Peyğəmbərin (s) səhabələrinin səciyyəvi xüsusiyyətlərindən biri: Ayədə Peyğəmbərin (s) xüsusi səhabə və onun yoluna sadiq olanlar Tövrat və İncilə istinadən çox yüksək səviyyədə səciyyələndirilir. Burada onların ikisinə işarə edilmişdir: 1. “Sima” üz və ya bədənin başqa bir yerində olmasından asılı olmayaraq hər hansı əlamət və vəziyyətə deyilir. Baxmayaraq ki, bəzi təfsirçilər bu sözü səcdə nəticəsində alında yaranmış ləkə və ya torpağın səcdə yerində qoyduğu iz kimi izah etmişlər. Ayənin mənası daha genişdir, Allah adamlarının simasının tam təsvirini ehtiva edir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Gecələri oyaq qalmaq deyilərkən gecə vaxtı namaz qılmaq üçün oyanmaq nəzərdə tutulur”. Bunun da əlamətləri gündüz vaxtı həmin insanın üzündən məlum olur. Təbii ki, bu mənaların hamısı birlikdə də nəzərdə tutula bilər. 2. “Cücərtisini çıxaran əkin…” Bu bənzətmədə Peyğəmbərin (s) səhabələri və möminlərin beş əsas xüsusiyyəti qeyd edilmişdir: tumurcuqlanıb cücərmək, boy atmağa kömək etmək, möhkəmlənmək, gövdəsi üzərində durmaq, heyrətamiz şəkildə artmaq. Peyğəmbərin (s) səhabələri bir an olsun, hərəkətsiz dayanmayan yüksək xüsusiyyətlərə malik adamlardır. Sürəkli olaraq cücərir, cücərtiləri boy atır, məhsuldarlaşır. Onlar İslamı öz danışıq və əməlləri ilə yorulmadan dünyaya yayır, müsəlmanların sayını günbəgün artırırlar. Əsla usanmırlar, davamlı olaraq pak niyyətlə irəliyə doğru hərəkət edirlər. Haqq düşmənləri qarşısında Allahın qəzəb məzhəri, dostlar qarşısında isə Onun lütf və mərhəmət simvoludurlar.[1] “Hucurat” surəsinin ümumi məzmunu: Bu surədə Peyğəmbərin özü və müsəlmanların qarşılıqlı münasibətləri ilə bağlı çox mühüm nüanslara toxunulmuşdur. Surədə mühüm əhəmiyyət daşıyan bir çox etik və əxlaqi məsələlər təqdim edildiyi üçün onu əxlaq və ədəb-ərkan surəsi də adlandırmaq olar.[2] 2-5. Peyğəmbərin (s) hüzurunda necə davranmalı? İncə ruhlu və azad təbiətli Peyğəmbər (s) əxlaqi keyfiyyətlərin çoxundan uzaq olan insanlarla əhatə olunmuşdu. Onlar misli olmayan bu şəxsiyyətlə adi insalarla danışdıqları kimi danışırdılar. Hicrətin “Amül-vüfud” (nümayəndələr ili) adlanan doqquzuncu ilində İslamı qəbul etmək üçün Mədinəyə ətraf qəbilələrdən dəstə-dəstə adamlar gəlirdi. Yeni gəlmiş adamlar vaxtlı-vaxtsız Peyğəmbərın (s) qapısında durub “ay Mühəmməd, çölə çıx!” – deyə yüksək səslə çağırırdılar. Bu davranış Peyğəmbərin (s) istirahətini pozmaqla yanaşı, Allahın elçisi olan bir şəxsiyyətə qarşı hörmətsizlik də yaradırdı. Allah-taala dördüncü ayədə bu cür insanları ağılsız və düşüncəsiz adlandırır, düzgün davranış formalarını isə beşinci ayədə bəyan edir. Peyğəmbər (s) təkcə bu cür davranış tərzlərindən deyil, səhrada yaşayan ərəblər və gəlmələrin də davranış tərzlərindən narahat idi. Peyğəmbərin (s) yaxın səhabələrinin bəzisi onun yanında danışıq qaydalarına da riayət etmirdilər. Bəni-Təmim qəbiləsinin müşayiəti ilə Mədinəyə bir heyət gəlir. Əbu Bəkr və Osman onları qarşılamaq üçün ayrı-ayrı fərdləri təyin edirlər. Bu ixtilaf və fikir ayrılığı onların Peyğəmbərin (s) hüzurunda səs-küylü mübahisəsi və Peyğəmbərin (s) narahat olmasına gətirib çıxarır. Bu xoşagəlməz hərəkətlərin bir daha təkrar edilməsinin qarşısını almaq üçün “Hucurat” surəsinin ikinci və üçüncü ayələri nazil olur və bu çirkin əməlin xeyirli əməllərin puça çıxmasına səbəb olacağı buyurulur. Doğrudanmı Peyğəmbərin (s) hüzurunda bu cür hörmətsiz davranış yaxşı əməllərin puça çıxmasına səbəb olur? Səbəb budur ki, Peyğəmbərə (s) aşkarda ehtiram göstərilməsi ona daxilən hörmət bəslənilməsindən xəbər verir. Əslində, hərəkət və əməllərimiz etiqad və iman dərəclərindən qaynaqlanır, bu cür xoşagəlməz hərəkət və etinasızlıqlar Peyğəmbər (s) və dini müqəddəslərə qarşı daxili etinasızlıqdan irəli gəlir. Unutmamalıyıq ki, bu cür hörmətli davranışlar təkcə Peyğəmbərə (s) deyil, bütün İslam öndərlərinə, alimlərə, müəllimlərə, ata-analara, böyüklərə qarşı olmalıdır.[3]   Sən onların yanına gedənədək səbir etsəydilər, əlbəttə, bu, onlar üçün daha yaxşı olardı. Allah bağışlayandır, rəhmlidir. Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onu araşdırın. Yoxsa bilmədən bir qövmə zərər yetirər, sonra da etdiyinizin peşmançılığını çəkərsiniz. Bilin ki, Allahın elçisi aranızdadır. Əgər bir çox işlərdə o sizə tabe olsa, çətinliyə düşərsiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Bu xüsusiyyətlərə malik olanlar doğru yolda olanlardır. (Bu,) Allah tərəfindən bir lütf və nemətdir. Allah biləndir, müdrikdir. Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrinə qayıdanadək, vuruşun. Əgər qayıtsa (və sülhə zəmin yaransa), hər iki dəstə arasında ədalətlə sülh yaradın və ədalətli olun. Çünki Allah ədalətliləri sevir. Möminlər qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və təqvalı olun ki, Onun rəhməti sizə şamil olsun. Ey iman gətirənlər! Kişilərdən bir dəstəsi başqa bir dəstəni məsxərəyə qoymasın. Ola bilər ki, onlar bunlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (məsxərəyə qoymasınlar). Ola bilər ki, onlar bunlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın, bir-birinizdə eyib axtarmayın, bir-birinizi çirkin və xoşagəlməz ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra kimisə küfr məzmunlu adla adlandırmaq çox pisdir. Tövbə etməyənlər zalımdırlar. ———————————————————————————— Fasiqlərin xəbərlərinə etina etməyin: Bu ayənin Vəlid ibn Üqbə haqqında nazil olduğu nəql edilmişdir. Peyğəmbər (s) onu zəkat toplamaq üçün Bəni-Müstələq qəbiləsinə göndərir. Qəbilə camaatı Peyğəmbər (s) nümayəndəsinin gəldiyini eşidib sevinc hissi ilə onu qarşılamağa çıxır. Cahiliyyət dövründə onlarla Vəlidin arasında düşmənçilik olduğundan, Vəlid camaatın onu öldürməyə gəldiyini güman edir. O, Peyğəmbərin (s) yanına qayıdır və onların zəkatı verməkdən boyun qaçırdıqlarını xəbər verir. Zəkatı ödəməkdən boyun qaçırmaq isə İslam hökumətinə qarşı bir növ qiyam hesab edilir. Vəlid bunları bildiyi üçün onların dindən çıxdıqlarını da iddia edir. Peyğəmbər (s) bərk qəzəblənir, həmin qəbiləyə qarşı müharibə etmək qərarına gəlir. Bu vaxt onun haqqında “Hucurat” surəsinin 6-cı ayəsi nazil olur və müsəlmanlara fasiq bir adam xəbər gətirdikdə onun araşdırılmasını göstəriş verir.[4] Rəhbərlik və itaət: Bu ayə göstərir ki, Vəlidin Bəni-Müstələq qəbiləsinin dindən çıxması ilə bağlı xəbərindən sonra bir qrup sadəlövh müsəlman Peyğəmbərdən (s) həmin tayfaya qarşı müharibə etməsini tələb edir. Allah-taala Quranda belə buyurur: Sizin xoşbəxtliyiniz ondadır ki, Peyğəmbər (s) aranızdadır, onunla vəhy aləmi arasında bağlılıq var, sizin aranızda hər hansı yanlış hərəkət baş versə, vəhy vasitəsilə o, sizi xəbərdar edir. O, rəhbərdir, onun sizə tabe olacağını və sizdən əmr alacağını gözləməyin. O, sizə qarşı hər kəsdən mehribandır. Fikirlərinizi zorla ona qəbul etdirməyə çalışmayın ki, bu, sizin ziyanınızadır. Ümumiyyətlə, cəmiyyətin inkişafı üçün Allah tərəfindən təyin edilmiş rəhbərin olması zəruridir. Bir şərtlə ki, ona itaət göstərilsin, daha ardıcılları onu öz fikirlərinə uyğun davranmağa məcbur etməsinlər, əmrlərini cani-dildən qəbul etsinlər, daha öz məhdud fikirlərini həyata keçirmək üçün ona təzyiq göstərməsinlər. Bu prinsip təkcə Allah tərəfindən təyin edilmiş rəhbərlər deyil, digər idarəçilik sistemləri üçün də zəruridir. Əlbəttə, bu prinsip rəhbərlərin despotizminə və məsləhətləşməni tərk etməsinə əsas vermir. Çünki müzakirənin məqsədi hər kəsin öz rəy və fikirlərini bildirməsi olsa da, son fikri Peyğəmbər (s) söyləməlidir. Başqa sözlə desək, müzakirə bir, öz fikir və inancını diktə etmək başqa bir şeydir. Bu ayə əslində, müzakirəni deyil, fikir diktəsini inkar edir.[5] Bir-birinizi çirkin və xoşagəlməz ləqəblərlə xatırlamayın: Başqalarına çirkin adlar qoymaq və bu vasitə ilə onları təhqir etmək, şəxsiyyətlərinə ləkə gətirmək, bu vasitə ilə onlardan intiqam almaq keçmiş və indiki dövrün əxlaqdan kənar adamlarına xas xüsusiyyətlərdəndir. Əgər bir adam keçmişdə pis bir iş tutubsa, sonra tövbə edib tamamilə təmizlənibsə, İslam onun keçmişdəki əməlini ifadə edən adla çağırılmasını, ona “sən filan günah əməlin sahibi idin deyilməsini”, ata və analarının səhvlərinə görə məzəmmət edilməsini, “sənin atan və ya anan filan əməlin sahibidir” deyilməsini, müsəlmanın təhqir edilməsinə səbəb olacaq ən kiçik eyhamın işlədilməsi qadağan edir.[6] Hədislərin birində deyilir ki, Xeybər döyüşündən sonra İslamı qəbul etmiş və Peyğəmbərin (s) zövcəsi olmuş Səfiyyə bint Həyy ibn Əxtəb bir gün ağlaya-ağlaya Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) nə baş verdiyini soruşduqda, o: “Aişə mənə rişxəndlə: “Yy yəhudi balası!” – dedi”, – deyə şikayətlənir. Peyğəmbər (s) ona deyir: “Nə üçün demədin ki, atam Harun, əmim Musa, həyat yoldaşımdir Mühəmməd?” Bu zaman sözügedən ayə nazil olur.[7]   Ey iman gətirənlər! Zənn və gümanların çoxundan uzaq durun. Çünki zənn edilənlərin bir qismi günahdır. (Başqalarının şəxsi həyatı ilə bağlı) axtarış aparmayın, bir-birinizin qeybətini qırmayın. Sizlərdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Hamınız bundan iyrənirsiniz. Təqvalı olun! Allah tövbələri qəbul edəndir, rəhmlidir. Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətliniz ən təqvalı olanınızdır (Allahdan ən çox qorxanınızdır). Allah biləndir, xəbərdardır. Bədəvi ərəblər: “Biz iman gətirdik!” – dedilər. De: “Siz iman gətirməmisiniz! Ancaq: “Biz müsəlman olduq!” – deyin. İman sizin qəlblərinizə hələ daxil olmamışdır. Əgər Allaha və Onun elçisinə itaət göstərsəniz, O, sizin əməllərinizin mükafatından heç bir şey əskiltməz. Allah bağışlayandır, rəhmlidir!” Həqiqi möminlər ancaq Allaha və Onun elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! Onlar doğru danışanlardır. De: “Siz Allahı imanınızdanmı xəbərdar edirsiniz?” Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir. Allah hər şeydən agahdır. Onlar müsəlman olduqlarına görə sənə minnət qoyurlar. De: “Müsəlman olmağınızı mənə minnət qoymayın! Əgər doğru danışanlarsınızsa, (bilin ki,) əslində, Allah sizi imana gətirməklə sizə minnət qoyur!” Şübhəsiz ki, Allah göylərin də, yerin də qeybini bilir, nə etdiklərinizi görür. ————————————————————————————— Qeybət ən böyük günahlardandır: İnsanın həyatdakı ən böyük sərmayəsi heysiyyət, abır və şəxsiyyətidir. İnsanın bu sərmayəsinə təhlükə yaradan şəxs sanki həmin adamın canını təhlükəyə atır. Bəzən şəxsiyyətin terror edilməsi şəxsin özünün terror edilməsindən daha ağır olur. Müsəlman qardaşın abrı onun bədəninin əti kimidir. “Ölü” ifadəsi qeybəti edilən adamın həmin yerdə olmaması, eynilə ölü kimi öz haqqını müdafiə edə bilməməsi ilə bağlıdır. Bu, insanın öz qardaşına edə biləcəyi ən böyük, namərdcəsinə haqsızlıqdır. Hədislərdə bu mövzu ilə bağlı çox şokedici ifadələr işlədilmişdir. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “İnsanın sələmdən qazandığı bir dirhəm otuz altı dəfə zina etməkdən ağırdır. Bir müsəlmanın abrını tökmək zinadan da pisdir.” Bu müqayisə əslində, zinanın Allaha aid olan bir haqq olması, sələm yemək və camaatın abrının aparılmasının isə insanlara aid haqq olması ilə bağlıdır. Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Qeybətin müsəlmanın dininə təsiri xoranın insan bədəninə təsirindən daha sürətlidir.” Bu bənzətmə göstərir ki, xora insanın bədəninin ətini çürütdüyü kimi, qeybət də insanın dinini puça çıxarır, çox tez bir zamanda imanını məhv edir.[8] İmam Səccadın (ə) bir hədisində belə deyilir: “Qeybətdən ciddi şəkildə qorunun. Çünki o, Cəhənnəm itlərinin yeməyidir.”[9] Qeybət kiminsə bədənində və ya əxlaqında, davranışında və ya danışığında, hətta ona aid işlərdə – evi, paltarı, həyat yoldaşı, övladları və sairədə mövcud olan eybinin həmin adam olmadığı vaxtda açılmasıdır. Ancaq yaddan çıxarmaq olmaz ki, bu cəhətlərin həmin adamda olması başlıca şərtdir, əks təqdirdə, danışılan söz qeybət yox böhtan olacaq. Böhtanın günahı isə qeybətin də günahından böyük və ağırdır. Deməli, bəzi adamların sadəlövhlüklə gətirdiyi bahənələr qəbul edilmir. Məsələn, bəzən qeybət edən adam deyir: Bu, qeybət deyil ki, həqiqətdir. Halbuki həqiqət olmasaydı, artıq böhtan sayılacaqdı. Ya da biri belə deyir: Mən bu sözü onun yanında da deyərəm. Halbuki bu davranış insanın günahını azlatmır, əksinə, qarşı tərəfin inciməsinə və narahat olmasına səbəb olduğu üçün daha böyük günahdır. Bəzi məqamlarda qeybətə icazə verilir. Həmin məqamlardan biri həyat yoldaşı, iş ortağı və bu kimi məsələlərdə araşdırma aparan şəxsə verilən məlumatdır. Əgər haqqında araşdırma aparılan adamda eyib varsa, araşdıran adamın tələyə düşməməsi üçün onu xəbərdar etmək, mütləq, lazmdır. Aşkarda günah edən adamlar isə istisnadır. Aşkarda günah edən adamın günahının danışılması qeybət sayılmır. Yaddan çıxarmaq olmaz ki, qeybət edilən məclisdə iştirak etmək və qeybətə qulaq asmaq da haramdır. Bəzi hədislərə görə heysiyyəti ləkələnən müsəlmanı müdafiə etmək vacibdir.[10] İnsanın ən böyük dəyəri: Bu ayə bütün zahiri və maddi imtiyazların üzərindən xətt çəkir, əsl dəyərin təqva və Allah qorxusu olduğunu bildirir. Allaha yaxınlaşmaq üçün təqvadan üstün imtiyaz yoxdur. Hədislərinin birində Allahın rəsulu (s) belə buyurmuşdur: “Allah sizin ailə vəziyyətinizə, əsil-nəsəbinizə, bədənlərinizə, mallarınıza deyil, qəlblərinizə baxır. Allah qəlbi sağlam olana lütf və məhəbbət göstərir. Siz hamınız Adəmin övladlarısınız. Sizin Allah yanında ən sevimliniz Allahdan ən çox qorxanınızdır.” Qəribədir ki, bu qədər göstəriş və təlimatlara baxmayaraq, hələ də müsəlmanlar arasında milliyyəti və dili ilə öyünən, hətta bunları dini vəhdətdən üstün tutan adamlar var. Allahın rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Siz hamınız Adəmin övladlarısınız, Adəm torpaqdan yaradılıb. İnsanlar ataları ilə öyünməkdən çəkinsinlər, əks təqdirdə, çirkaba bulaşmış həşəratdan da aşağı olacaqlar.”[11]   [1] Nümunə, c.22, səh.115 [2] Nümunə, c.22, səh.129 [3] Mənşuri-cavid,c.7, səh.397-399 [4] Nümunə, c.22, səh.152 [5] Nümunə, c.22, səh.158 [6] Nümunə, c.22, səh.180; Əl-Mizan, c.18, səh.326 [7] Nümunə, c.22, səh.180 [8] Nümunə, c.22, səh.184 [9] Təfsiri-mövzui, c.2, səh.235 [10] Nümunə, c.22, səh.192 [11] Nümunə, c.22, səh.197

QURANI KƏRIM 14.02.2025

“Fəth” surəsi

“Fəth” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Biz sənə aydın bir qələbə verdik ki, Allah sənə aid edilən əvvəlki və sonrakı günahları bağışlasın, nemətini sənin üçün tamamlasın, səni düz yola yönəltsin və sənə yenilməz bir qələbə nəsib etsin. Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin qoşunları Allaha məxsusdur. Allah biləndir, müdrikdir. (Bu aşkar qələbəni nəsib etməkdə) məqsəd odur ki, Allah mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin və onların günahlarından keçsin. Bu, Allah yanında böyük qurtuluşdur. (Həm də odur) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların (möminlər üçün arzu etdikləri) xoşagəlməz hadisələr təkcə onların özlərinin başına gəlir. Allahın onlara qəzəbi tutmuş, rəhmətindən uzaqlaşdırmış və Cəhənnəmi onlar üçün hazırlamışdır. Ora nə pis aqibətdir! Göylərin və yerin qoşunları Allaha məxsusdur. Allah qüdrətlidir, müdrikdir. Həqiqətən, Biz səni şahid, müjdəçi və qorxudan göndərmişik. (Biz belə etdik) ki, siz Allaha və Onun elçisinə iman gətirəsiniz, onun müdafiəsinə qalxasınız, onun hörmətini saxlayasınız və gecə-gündüz (Allahı) tərifləyəsiniz. ————————————————————————————– “Fəth” surəsinin ümumi məzmunu: Bu surə yeddi hissədən ibarətdir: 1. Fəth müjdəsi, Peyğəmbərin (s) Məkkənin fəthi və ümrə ayinlərini yerinə yetirməsi ilə bağlı gördüyü yuxunun gerçəkləşməsi; 2. Hüdeybiyyə sülhünə aid hadisələr; 3. Peyğəmbərin (s) məqamı və onun uca məqsədi; 4. Münafiqlərin təxribatları və cihadda iştirak etməmək üçün onların gətirdikləri bəhanələrdən nümunələr; 5. Münafiqlərin bəzi yersiz istəkləri; 6. Döyüşdə bağışlanmış insanlara aid hökmlər; 7. İslam peyğəmbərinin həqiqi ardıcıllarının bəzi xüsusiyyətləri.[1] Açıq-aşkar fəth: “Fəth” deyilərkən müsəlmanların “Hüdeybiyyə” sülhü nəticəsində əldə etdikləri qələbə nəzərdə tutulur. Hicrətin altıncı ili, zilqədə ayı Peyğəmbər (s) ümrə məqsədilə Məkkəyə doğru hərəkət edir və bütün müsəlmanları bu səfərdə iştirak etməyə həvəsləndirir. Bir dəstə bu səfərdən boyun qaçırır. Ancaq mühacir, ənsar və bədəvi ərəblərdən ibarət böyük bir dəstə Peyğəmbərlə (s) birlikdə Məkkəyə doğru yola düşür. Sayları min dörd yüz nəfərə çatan bu qoşunun bütün əsgərləri bir nəfər kimi ehram paltarı geyinir, özləri ilə yalnız müsafir silahı hesab edilən qılınc götürürlər, bundan başqa heç bir silah götürmürlər. Hüdeybiyyəyə çatanda Osman ibn Əffan Məkkə başçılarını səfərin məqsədindən xəbərdar etmək üçün Məkkəyə yollanır. Ancaq çox çəkmir ki, müsəlmanlar arasında onun qətlə yetirilməsi xəbəri yayılır. Bu zaman Peyğəmbər (s) səhabələri ilə bir ağacın altında son nəfəslərinə qədər mübarizə aparacaqları ilə bağlı əhd-peyman bağlayır. Çox çəkmir ki, Osman sağ-salamat qayıdır. Onun ardınca da Süheyl ibn Əmr sülh bağlamaq üçün Peyğəmbərin (s) yanına gəlir. Uzun danışıqlardan sonra sülh müqaviləsi imzalanır. Bu, müsəlmanlar və müşriklər arasında davam edən müharibələrə müvəqqəti olaraq son qoyan bir müqavilə idi.[2] Allahın bu sülhü aşkar qələbə adlandırmasının sirri onda idi ki, Peyğəmbər (s) və möminlərin ümrə ziyarəti üçün səfərə çıxması təhlükəli hesab edilirdi. Hətta bəziləri Mədinəyə dönüşü qeyri-mümkün bir iş hesab edirdi. Müsəlmanlar az qoşunla yaralı və eyni zamanda qüdrətli bir düşmənin ərazisinə daxil olur, ancaq Allah vəziyyəti Peyğəmbərin (s) və müsəlmanların xeyrinə dəyişir. Belə ki, müşriklər on illik bir sülh müqaviləsinin bağlanmasına, Peyğəmbərin (s) həmin il Mədinəyə geri dönməsinə, növbəti il Məkkəyə gəlməsinə, Məkkə camaatının Məscidül-həramı və Kəbə evini üç gün müsəlmanlar üçün tamamilə boşaltmasına razılıq verirlər. Bu, Allahın Peyğəmbərə (s) nəsib etdiyi ən parlaq bir qələbə idi. Bu sülh həm də Məkkənin fəth edilməsində rol oynayan ən mühüm amil olmuşdur. Çünki Hüdeybiyyə sülhü ilə Məkkənin fəthi arasındakı iki il ərzində müşriklərin çoxu müsəlman olmuş, sülh müqaviləsindən iki il sonra Xeybər və ətraf kəndlər müsəlmanlar tərəfindən fəth edilmiş, müsəlmanların şöhrəti daha da artmışdı. Sülh müqaviləsinin şərtləri müşriklər tərəfindən pozulduqdan sonra hicrətin səkkizinci ili Peyğəmbər (s) Məkkəni fəth etmək üçün hərəkətə keçmişdi. Bu dəfə isə qoşun min dörd yüz deyil, on iki min nəfərdən ibarət olmuşdur.[3] Bundan başqa, Peyğəmbər (s) hicrətin yeddinci ili o dövrün qabaqcıl dövlətləriniə öz qasidlərini göndərməklə həmin ölkələrin başçılarını İslama dəvət etmiş, bu vasitə ilə dininin cahanşümul bir din olduğunu, digər şəriətlərin dövrünün artıq başa çatdığını, hər kəsin sonuncu səmavi şəriətə tabe olmalı olduğunu elan etmişdir.[4] Peyğəmbərin günahı nə olmuşdu? “Zənb” sözü hər zaman günah mənasında işlənmir. Əslində, “zənb” acı nəticələri olan davranışa, “məğfirət” (bağışlamaq) isə nəyinsə üzərinə pərdə salınmasına deyilir. Məhz elə buna görə də “günahın bağışlanılması” deyilərkən onu örtmək və üzərinə pərdə çəkmək nəzərdə tutulur. Böyük ehtimalla burada “Peyğəmbərin günahı” deyilərkən kafirlərə etdiyi dəvətin təhlükəli nəticələri nəzərdə tutulur. Kafirlər Peyğəmbərin (s) təxribatçı bir adam olduğunu düşünüb imkanları çatdığı qədər onu məhv edəcəklərini qarşılarına məqsəd qoymuşdular. Ancaq Allah Məkkənin fəthi və kafirlərin süquta uğraması ilə nəticələnən Hüdeybiyyə sülhü ilə Qüreyşin bütün qüdrətini əlindən alır və nəticədə, müşriklərin düşüncələrində Peyğəmbərlə (s) bağlı təsəvvür etdikləri günahların üstünü örtür, onu Qüreyşin şərindən qoruyur.[5] Sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın əli onların əllərinin üstündədir. Kim əhdini pozsa, təkcə öz ziyanına pozmuş olar. Kim də Allahla bağladığı əhdinə sadiq qalsa, Allah tezliklə ona böyük mükafat verər. Tezliklə geri qalmış bədəvi ərəblər sənə: “Var-dövlətimiz və ailələrimiz başımızı qatdı. Bizim üçün bağışlanma dilə!” – deyəcəklər. Onlar qəlblərində olmayanları dilləri ilə deyirlər. De: “Əgər Allah sizə bir zərər yetirmək və ya bir xeyir vermək istəsə, sizi ondan kim qoruya bilər?” O, sizin nə etdiyinizdən xəbərdardır. Siz elə güman edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar. Bu, qəlbinizdə gözəl göstərilmiş və siz pis fikrə düşmüşdünüz. Nəhayət, siz (Şeytanın tələsinə düşüb) məhv oldunuz. Allaha və Onun elçisinə iman gətirməyənin (sonu Cəhənnəmdir). Çünki Biz kafirlər üçün şölələnən od hazırlamışıq. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini bağışlayır, istədiyinə də əzab verir. Allah bağışlayandır, rəhmlidir. Siz qənimətləri götürməyə getdiyiniz zaman (Hüdeybiyyə səfərindən) geri qalanlar: “Qoyun biz də sizin arxanızca gələk!” – deyirlər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De: “Siz əsla bizim arxamızca gəlməməlisiniz. Allah əvvəldən belə demişdir”. Onlar: “Xeyr, siz bizə həsəd aparırsınız”– deyirlər. Amma onlar çox az anlayırlar. ———————————————————————————— Rizvan beyəti: Bu surənin birinci ayəsini şərh edərkən yazırlar ki, Peyğəmbər (s) və müsəlmanlar Hüdeybiyyəyə çatanda Osman, Əbu Süfyanın qohumlarından olduğu, elçiliyinin təsiri olacağı ehtimal edildiyi üçün Peyğəmbər (s) tərəfindən Məkkəyə gedib müsəlmanların müharibə etmək üçün gəlmədiklərini Məkkə böyüklərinə çatdırmaq məqsədilə oraya göndərilir. Müşriklər Osmanı Məkkədə bir qədər yubandırırlar. Bu da müsəlmanlar arasında onun ölüm xəbərinin yayılmasına səbəb olur. Əgər bu xəbər doğru olsaydı, deməli, qüreyşlilər bu addımla müharibə elanı vermişdilər. Buna görə də Peyğəmbər (s) buyurur: “Bu tayfa ilə döyüşməyənə qədər biz buradan getməyəcəyik”. Bu planın çox böyük əhəmiyyət daşıdığını çatdırmaq üçün onlardan beyətlərini təzələməsini istəyir. Müsəlmanlar orada bir ağacın altına toplaşıb Peyğəmbərə (s) beyət edir, meydandan qaçmayacaqlarına və gücləri çatana qədər düşmənlə mübarizə aparacaqlarına söz verirlər. Bu hadisədən xəbər tutan düşmənlər bərk qorxuya düşür və istəmədən sülhə razılıq verirlər. Sözügedən beyətin “Rizvan beyəti” (razılıq beyəti) adlandırılması bu surənin 18-ci ayəsində qeyd edilən “möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı” cümləsi ilə bağlıdır.[6] Beyət, beyət edənlə beyəti qəbul edən arasındakı razılaşmaya, sazişə, müqaviləyə deyilir. Sazişə əsasən beyət edənlər beyət olunana itaət göstərməli, tabe olmalı, onu himayə və müdafiə etməlidirlər. Bəziləri beyəti bir növ seçkilərə bənzədirlər. Halbuki seçki sistemi beyətin tam əksidir. Seçki, seçilən üzərinə məsuliyyət yükləmək, onu vəzifəyə təyin etmək, başqa sözlə, seçilənə bir növ vəkillik verməkdir. Əlbəttə, seçki seçici üçün də bəzi vəzifələr yaradır. Halbuki beyət belə deyil. İnsanlar vəzifəsi və məsuliyyəti olan şəxsə vəfalı olduqlarını elan edirlər. Buna görə də beyət olunan beyətini götürməyənə qədər beyət edənlər beyətlərini poza bilməzlər. Lakin seçki sistemində seçicilər əksər hallarda, seçdikləri şəxsi tuduğu vəzifədən kənarlaşdıra bilərlər. Bir məsələni də qeyd etmək lazımdır ki, Allah tərəfindən təyin edilmiş Peyğəmbər (s) və imamların (ə) beyətə heç bir ehtiyacı yoxdur. Beyət edib-etməmələrindən asılı olmayaraq, insanların onlara itaət göstərməsi Allahın buyurduğu vacib əmrdir. Peyğmbər (s) və imamların (ə) beyət alması isə insanların ilahi rəhbərlərə vəfalı olduqlarını elan etmələri üçündür. Beyəti pozmaq böyük günahlardandır. Hədislərdə bu əməlin ilahi əzaba səbəb olan həlakedici günahlardan olduğu qeyd edilmişdir. İslam fiqhində Peyğəmbər (s) və imamlardan (ə) qeyrisinə beyət edilməsi məsələsi yoxdur. Vəliyyi-fəqihin rəhbərliyinə gəldikdə isə, o, ümumi olaraq məsum imam tərəfindən təyin edildiyi üçün beyətə lüzum yoxdur. İnsanların vəliyyi-fəqihə itaət göstərməsinin beyətlə heç bir əlaqəsi yoxdur. Vəliyyi-fəqihə tabe olmaq Allahın hökmünə əməl etməkdir.[7] Hər şeyin hazırını güdən əhd pozanlar: Peyğəmbər (s) Hüdeybiyyədən qayıtdıqdan sonra Allahın əmri ilə Hüdeybiyyədə iştirak etmiş müsəlmanlara Xeybərin fəthini müjdə verir və bu döyüşdə yalnız Hüdeybiyyəyə gedən şəxslərin iştirak edəcəyini, qənimətlərin yalnız həmin şəxslərə aid olacağını, Hüdeybiyyəyə getməkdən boyun qaçıranlara həmin qənimətlərdən heç bir pay verilməyəcəyini elan edir. Ancaq qorxaq dünyapərəstlər Peyğəmbərin (s) yaxın gələcəkdə baş verəcək müharibədə qalib gələcəyini və çoxlu qənimətlər əldə ediləcəyini anlayıb Peyğəmbərin (s) yanına gəlir, keçmiş səhvlərini düzəltmək, məsuliyyət yüklərini yüngülləşdirmək bəhanəsi ilə bu döyüşdə iştirak etmək üçün icazə istəyirlər. Ancaq Quran ayələrinin daha əvvəl nazil olub, onların sirlərini üzə çıxarmasından xəbərləri olmur. Xülasə, tarixi mənbələrin yazdığına görə Peyğəmbər (s) Xeybər qənimətlərini yalnız Hüdeybiyyə iştirakçıları arasında bölür, hətta Hüdeybiyyədə olduğu halda, Xeybərdə iştirak edə bilməmiş Cabir ibn Abdullah Ənsariyə də bu qənimətlərdən pay verir.[8] Geri qalan ərəblərə de: “Tezliklə çox qüvvətli və döyüşkən bir tayfaya qarşı (döyüşməyə) çağırılacaqsınız. Onlar müsəlman olana qədər siz onlarla döyüşəcəksiniz. Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər daha əvvəl boyun qaçırdığınız kimi boyun qaçırsanız, sizi ağrılı-acılı bir əzabla cəzalandırar”. (Əgər döyüşdə iştirak etməsə,) kora, çolağa, bir də xəstəyə heç bir günah yoxdur. Kim Allaha və Onun elçisinə itaət etsə, onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kim boyun qaçırsa, onu ağrılı-acılı bir əzaba düçar edər. Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində gizli qalanı bildi, onların qəlbinə rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Üstəlik əldə edəcəyiniz çoxlu qənimətlərlə (mükafatlandırdı). Allah məğlubedilməzdir, müdrikdir. Allah sizə əldə edəcəyiniz çoxsaylı qənimətlər vəd etdi. Ancaq onlardan birini sizə daha tez nəsib etdi, möminlərə bir ibrət olsun və sizi doğru yola yönəltsin deyə insanların (düşmənlərin) təcavüzkar əllərini sizdən çəkdi. Sizin qüdrətiniz çatmayan, ancaq Allahın qüdrətinin əhatə etdiyi başqa qənimətləri və fəthləri də (nəsib etdi). Allah hər şeyə qadirdir. Əgər kafirlər (Hüdeybiyyədə) sizinlə vuruşsaydılar, mütləq, arxaya dönüb qaçardılar. Sonra da onlar özlərinə nə bir himayədar, nə də bir yardımçı tapardılar. Bu, Allahın əzəldən olmuş bir ənənəsidir. Sən Allahın qoyduğu qaydalarda (heç vaxt) bir dəyişiklik tapa bilməzsən. ——————————————————————————— Qüvvətli və döyüşkən tayfa: Peyğəmbər (s) zamanında Hüdeybiyyə və Xeybər müharibəsindən sonra müşriklərlə Məkkənin fəthi və Hüneyn müharibəsindən başqa elə də mühüm bir müharibə olmadığını nəzərə alsaq, bu ayədə məhz həmin iki hadisəyə, xüsusilə Hüneyn döyüşünə işarə edildiyini deyə bilərik. Hüneyn döyüşündə Həvazin və Bəni-Səd tayfalarının çox igid kişiləri iştırak etmişdi.[9] Döyüşdən azad edilənlərə aid hökmlər: Müharibəyə getməyənlər arasında bədən üzvlərindən hər hansı birini itirmiş və ya xəstə olan, ümumiyyətlə cihadda iştirak edə bilməyən insanlar da var idi. Onların haqlarının kəsilməsi səhv olardı. Bu ayədə onların üzrlü olduqlarından danışılır. Bəzi təfsirçilər yazırlar ki, döyüşdən boyun qaçırmış insanları təhdid edən əvvəlki ayə nazil olduqdan sonra bir dəstə əlil Peyğəmbərin (s) yanına gəlib deyir: “Ey Allahın rəsulu, bizim vəzifəmiz nədir?” Bu ayə nazil olur və onların vəziyyətinə aydınlıq gətirilir. Əlbəttə, təkcə cihad deyil, bütün ilahi vəzifələrin ümumi şərtləri var, həmin şərtlərdən biri də güc və qüdrət şərtidir. “Bəqərə” surəsinin 286-cı ayəsində bu məsələ ümumi qanun şəklində qeyd edilmişdir: “Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur.” Əslində bu insanlar cihad meydanında iştirak etməkdən azad olsalar da, gücləri çatan qədər İslamın güclənməsinə və ilahi hədəflərin daha geniş yayılmasına çalışmalıdırlar. “Tövbə” surəsinin 91-ci ayəsində belə buyurulur: “Allaha və Onun elçisinə qarşı xeyirxah olacaqları təqdirdə acizlərə, xəstələrə və (döyüşdə) xərcləmək üçün vəsait tapa bilməyənlərə (döyüşdə iştirak etmədikləri üçün) heç bir günah yoxdur.” Yəni onların əlindən heç bir iş gəlmirsə, ən azı dillərini bu yolda əsirgəməməlidirlər. Bu da onu göstərir ki, hər kəs gücü çatdığı qədər çalışmalıdır. Başqa sözlə desək, döyüşdən azad edilmişlər ön cəbhədə heç nə edə bilməsələr də, arxa cəbhəni möhkəm qorumalıdırlar. Yaddan çıxarmamalıyıq ki, korluq, topallıq və ciddi xəstəliklərə görə üzrlü olmaq yalnız cihada aiddir. Müdafiə məsələsində hər kəs gücü və imkanı çatdığı qədər İslam sərhədlərini, öz canlarını qorumalıdırlar. Bu məsələdə heç bir istisna yoxdur.[10] Xeybər döyüşü: Ayədə “beyət” deyilərkən bu surənin 10-cu ayəsinin izahı zamanı haqqında məlumat verilən “Rizvan beyəti” nəzərdə tutulur. “Onları yaxın bir zəfərlə mükafatlandırdı” cümləsi ilə Hüdeybiyyə sülhündən bir neçə sonra ay baş vermiş Xeybər hadisəsinə işarə edilmişdir. Peyğəmbər (s) Hüdeybiyyədən qayıtdıqdan sonra hicrətin yeddinci ilininin zilhiccə ayını tam və məhərrəm ayının bir hissəsini Mədinədə qalır, sonra Hüdeybiyyədə iştirak etmiş min dörd yüz nəfərlə birlikdə İslama qarşı aktiv fəaliyyət göstərən, anti-islam hərəkatlarını qızışdıran Xeybər adlı mərkəzə doğru hərəkətə keçir. Əslində, Peyğəmbər (s) çoxdan idi ki, bu fəsad mərkəzinə hücum etmək üçün əlverişli fürsət axtarırdı. Həmin ərəfədə Peyğəmbərin (s) ciddi baş ağrıları olurdu, hətta iki gündən birini çadırdan çölə çıxa bilmirdi. Həmin vaxt bayrağı əlinə alan Əbu Bəkr müsəlmanlarla birlikdə yəhudi qoşunlarının üzərinə hücum çəkir, ancaq nəticə almadan geri dönür. Növbəti dəfə bayrağı Ömər götürür, müsəlmanlar əvvəlkindən daha kəskin döyüş aparırlar, ancaq nəticə almadan geri dönürlər. Üçüncü gün Peyğəmbər (s) bayrağı İmam Əliyə (ə) tapşırır. İmam Əli (ə) qalanın başçısı Mərhəbi məğlub edir, güclü bir təkanla qalanın qapısını yerindən qoparır, müsəlmanlar qalaya girib onu fəth edirlər. Yəhudilər təslim olur və bu hərəkətləri müqabilində Peyğəmbərdən (s) onların canlarını bağışlamasını istəyirlər. Peyğəmbər (s) də bu istəyi qəbul edir. Müsəlmanlar bu döyüşdə çoxlu qənimətlər əldə edirlər. Ancaq gəlirlərinin yarısını müsəlmanlara vermək şərti ilə bağ və ərazilərini Peyğəmbər (s) onların özlərinə qaytarır.[11] Sizi onların üzərində qalib etdikdən sonra, Məkkənin göbəyində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir. Onlar kafirlər, sizi Məscidul-hərama buraxmayan və qurbanlıq heyvanlarınızın qurbangaha gedib çatmasına imkan verməyən kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və bilməməzlik ucbatından xətaya yol vermək təhlükəsi ilə qarşılaşmasaydınız (Allah bu müharibəyə əsla mane olmazdı) Lakin Allahın məqsədi istədiyini Öz rəhmətinə daxil etməkdir. Əgər möminlər və kafirlər (Məkkədə) bir-birindən ayrılsaydı, Biz kafirlərə ağrılı-acılı bir əzab verərdik. Kafirlər qəlblərində Cahiliyyət qəzəbi və lovğalığına qapıldıqları zaman Allah Öz elçisinə və möminlərə rahatlıq və təskinlik nazil etdi, onlara təqva ruhunu bəxş etdi. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. Allah Öz elçisinə yuxuda göstərdiyini gerçəyə çevirdi. Allahın istəyi ilə, siz son dərəcə əmin-amanlıq içində, başlarınızı qırxdırmış və ya qısaltmış halda, heç kəsdən qorxmadan, çəkinmədən, hökmən, Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilirdi (təxirə salmaqda bir hikmət var idi). O, bundan qabaq (Məkkəyə girməzdən əvvəl sizə) yaxın bir qələbə də bəxş edəcəkdir. (İslamı) bütün dinlərə qalib etsin deyə Öz elçisini hidayətlə və haqq dinlə göndərən Odur. Allahın bu məsələyə şahidliyi kifayətdir. ———————————————————————————— Hüdeybiyyə sülhünün nəticələrindən biri: Bu sülh Quranın təsvir etdiyi kimi, parlaq qələbənin təzahürlərindən biri idi. Yetərli qədər döyüş ləvazimatı olmayan az sayda bir dəstənin dəfələrlə Mədinəyə hücum çəkmiş, müsəlmanları məhv etmək üçün ciddi cəhdlər göstərmiş bir düşmənin torpaqlarına daxil olması, nəticədə, düşmənin qorxu içində sülh təklif etməsi böyük bir hadisədir. Heç kəsin burnu belə qanamadan qüdrətli bir düşmən üzərindən aşkar qələbə qazanmaqdan böyük fəth ola bilməz! Hüdeybiyyə sülhü bütün Ərəbistan yarımadasında Qüreyş üçün məğlubiyyət, müsəlmanlar üçün isə qələbə hesab edilirdi. Allah Quranda Məkkə şəhərində qarşıdurma olmayacağını təkidlə buyurur. Bu israr və təkidlə iki mühüm nüansa işarə edilə bilər: 1. Məkkə düşmənin qüdrət mərkəzi idi. Qaydaya görə onlar bu əlverişli fürsətdən isitfadə etməli və müsəlmanlara hücum çəkməli idilər. Necə deyərlər, onlar müsəlmanları göydə axtarırdılar, əllərinə yerdə düşmüşdülər. Onları öz yerlərində yaxalamışkən asanlıqla buraxmamalı idilər. Ancaq Allah bu qüdrəti onlardan alır. 2. Məkkə Allahın əmin-aman yeri idi. Əgər orada qarşıdurma olsaydı, qan tökülsəydi, Kəbə evinə hörmətsizlik olardı, digər tərəfdən, müsəlmanlara bu müqəddəs məkanın ənənəvi təhlükəsizliyini pozmaları böyük bir nöqsan və eyib sayılardı. Allahın  Peyğəmbərə (s) və müsəlmanlara bəxş etdiyi ən böyük nemətlərdən biri bu idi ki, Hüdeybiyyə hadisəsindən sonra Məkkənin fəthini onlara heç bir qan tökülmədən bağışladı.[12] Əgər möminlər və kafirlər (Məkkədə) bir-birindən ayrılsaydı, Biz kafirlərə ağrılı-acılı bir əzab verərdik: Bu ayədə İslamı qəbul etmiş, lakin müəyyən səbəblərdən hicrət etməyib Məkkədə qalmış mömin kişi və qadınlara işarə edilir. Əgər müsəlmanlar Məkkəyə hücum etsəydilər, Məkkədə olan bu müsəlmanların canı təhlükəyə düşər və müşriklər də rişxəndlə deyərdilər: İslam ordusu nə öz müxalifinə rəhm edir, nə də davamçısına və tərəfdarına. Bu, böyük bir utanc olardı. Bu ayənin təfsirini ehtiva edən bir çox hədislərə əsasən bu ayədə hələ dünyaya gəlməmiş, kafirlər atalarının belində olan mömin insanların nəzərdə tutulduğu qeyd edilmişdir. Həmin möminlərin sonradan dünyaya gəlməsi üçün Allah bu kafirləri cəzalandırmadı. Bir nəfər İmam Sadiqdən (ə) soruşur: “Əli (ə) Allah dinində güclü və qüdrətli deyildimi?” İmam (ə) buyurur: “Bəli, güclü idi.” Həmin şəxs: “Bəs nə üçün kafir və münafiqlərə qalib gəldikdən sonra onların kökünü kəsmədi? Buna nə mane oldu?” İmam (ə) buyurur: “Quranın bir ayəsi”. Həmin şəxs: “Hansı ayə?” – deyə soruşduqda İmam (ə) buyurur: “Əgər onlar ayrılsaydı, kafirlərə şiddətli əzab verərdik” ayəsi. Sonra əlavə edir: “Kafir və münafiqlərin belində Allahın əmanətləri var idi. Bu əmanətlərin dünyaya gəlməsi üçün Allah ataları öldürmədi… Habelə bu əmanətlər dünyaya gəlməyincə biz Əhli-beytin qaimi zühur etməyəcək.” Yəni Allah-taala bilir ki, onların övladlarından bir qrupu gələcəkdə öz iradə və ixtiyarı ilə iman gətirəcək, onlara görə ataları şiddətli əzabdan xilas edir. Bu ayədə həm Məkkədəki möminlərin kafirlərə qarışması, həm də atalarının belində olan möminlərə işarə edilməsi ilə də bağlı heç bir problem yoxdur.[13] Peyğəmbərin doğru yuxusu: Peyğəmbər (s) yuxuda görür ki, səhabələri ilə birlikdə ümrə ayinlərini yerinə yetirmək üçün Məkkəyə daxil olur. Bu yuxusunu səhabələrinə danışır. Hamısı sevinir. Ancaq Hüdeybiyyə sülhü baş verdiyi il, müşriklər Hüdeybiyyə ərazisində Məkkəyə gedən yolları müsəlmanların üzünə bağladıqları vaxt bəzi müsəlmanlarda Peyğəmbərin (s) də yuxusunun düz olmaması ilə bağlı şübhə yaranır. Peyğəmbər (s) buyurur: “Məgər mən sizə bu yuxunun məhz elə bu il baş verəcəyini dedim?” Nəzər nöqtəsi olan ayədə onların Mədinəyə dönüşünə işarə edilir və təkidlə Peyğəmbərin (s) yuxusunun doğru olduğu, bu hadisənin, hökmən, baş verəcəyi xəbər verilir.[14] Mühəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları hər zaman Allahdan lütf və razılıq diləyərək rüku edən, səcdəyə qapanan halda görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı və İncildəki vəsfidir. Onlar cücərtisini üzə çıxarıb, gövdəsi üzərində möhkəm dayanması və əkinciləri heyran edəcək qədər artması üçün gücləndirən əkinə bənzədilmişlər. Bu, kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. [1] Nümunə, c.22, səh.6 [2] Nümunə, c.22, səh.10 [3] Əl-Mizan, c.18, səh.256 [4] Mənşuri-cavid,c.7, səh.17 [5] Əl-Mizan, c.18, səh.257 [6] Nümunə, c.22, səh.43 [7] Nümunə, c.22, səh.71 [8] Nümunə, c.22, səh.57 [9] Nümunə, c.22, səh.61 [10] Nümunə, c.22, səh.62 [11] Nümunə, c.22, səh.83 [12] Nümunə, c.22, səh.89 [13] Nümunə, c.22, səh.89 [14] Nümunə, c.22, səh.102

QURANI KƏRIM 14.02.2025

“Muhəmməd” surəsi

“Muhəmməd” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Kafirlərin və (insanları) Allahın yolundan sapdıranların əməllərini (Allah) puça çıxarır. İman gətirib yaxşı işlər görənlərin, Rəbləri tərəfindən Mühəmmədə nazil edilən və tamamilə haqq-həqiqət olana inananların isə (Allah) günahlarından keçir və işlərini islah edir. Bu, ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəblərindən gələn həqiqətə tabe olmuşlar. Beləcə, Allah insanlara onlara aid misallar çəkir. Döyüş meydanında (cinayətkar) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, düşməni yetərli qədər qırıb zəiflətdikdən sonra əsirləri möhkəm bağlayın. Sonra ya (azad etməklə) onlara minnət qoyun, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (bu vəziyyət davam etdirilsin). (Tədbir bax) budur! Əgər Allah istəsəydi, Özü onları cəzalandırardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. Tezliklə onları doğru yola yönəldib vəziyyətlərini yaxşılaşdıracaq və onları haqqında danışdığı Cənnətə daxil edəcəkdir. Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə köməklik göstərər və addımlarınızı möhkəmlədər. Kafirlərə ölüm olsun! Əməlləri puça çıxsın! Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı. Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Allah onları həlak edib. Kafirlərə də buna bənzər əzablar olacaq. Bu, ona görədir ki, Allah möminlərin rəhbəri və himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. ————————————————————————————— “Muhəmməd” surəsinin ümumi məzmunu: Bu surədə kafirlərin mənfur xüsusiyyətləri ilə möminlərin gözəl xüsusiyyətləri və yaxşı davranışları müqayisə edilir, kafirlərin acı, möminlərin isə xoşbəxt aqibəti haqqında məlumat verilir. Bununla yanaşı cihadın bəzi qaydaları da bəyan edilir.[1] İslamda quldarlıq: Bu ayəyə görə müharibədə əsir götürülmüş adamları öldürmək olmaz. Müsəlmanların rəhbəri müəyyən şərtlər daxilində onların bəzisini heç bir əvəz ödənilmədən, bəzisini isə müəyyən əvəz müqabilində azad edə bilər. Bu əvəz əslində düşmənin ödəməli olduğu bir kompensasiyadır. İslamda bunlardan başqa üçüncü bir hökm də var ki, həmin hökmə əsasən döyüşdə götürülmüş əsirlər qula çevrilir. Əlbəttə, bu, məcburi hökm deyil, yalnız İslam rəhbəri xüsusi şərtlər daxilində lazım bildiyi təqdirdə bu qayda tətbiq edilir. Bəlkə də məhz elə buna görədir ki, Quranda bu mövzu açıq şəkildə qeyd edilməmiş və bu haqda yalnız hədislərdə məlumat verilmişdir. Quldarlıq İslam peyğəmbərinin (s) zamanında mövcud olmuşdur. Bəziləri bunu İslama nöqsan tutaraq bildirirlər ki, İslam özündə bu qədər yüksək insani dəyərləri ehtiva etdiyi halda, nə üçün quldarlığı ləğv etmədi? Qəti və ümumi hökm verərək qulların qeyd-şərtsiz azadlıqlarını elan etmədi? Yaddan çıxarmamalıyıq ki, şəxsin və ya cəmiyyətin dərinliklərinə qədər kök atmış hər hansı yanlış bir ənənəni kökündən qoparıb ləğv etmək üçün tədrici proqram lazımdır. Əks təqdirdə, həmin ənənənin gözlənilmədən ləğv edilməsi mənfi nəticələr verir. O dövrdə quldarlıq cəmiyyətlərin əsas ənənəsi hesab edilirdi, insanların əksər hissəsini qullar təşkil edirdi. Əgər İslam ümumi şəkildə bütün qulların azad olduğunu elan etsəydi, gözlənilmədən böyük bir işsizlər ordusu yaranacaqdı, nəticədə onların öz həyatları təhlükəyə düşəcəkdi, cəmiyyət darmadağın olacaqdı, məhrumiyyət təzyiqləri hər tərəfi bürüyəcəkdi, hər tərəfdə qarşıdurmalar yaranacaq, qan töküləcəkdi. Buna görə də onlar tədricən azad edilərək cəmiyyətə hazır şəkildə qoşulmalı idilər. Bununla da həm onların özləri, həm də cəmiyyət məhv olma təhlükəsindən xilas olmalı idi. İslam quldarlığın mənbəyini bağlamış, yalnız müharibədə götürülən əsirlərin qul edilməsinə icazə vermişdi. Bu da məcburi xarakter daşımırdı. Bunun da səbəbi həmin vaxt həbsxanaların olmaması ilə izah edilir. Yəni vəziyyətləri aydınlaşana qədər əsirləri saxlamaq üçün yerlər yox idi. Yeganə çıxış yolu onları ailələr arasında bölüşdürb qul kimi saxlamaq idi. Təbii ki, bu şərait əvəzləndiyi təqdirdə müsəlmanların rəhbərinin əsirlərin qul edilməsinə hökm verməyə heç bir ehtiyac olmazdı. Müəyyən şərtlər altında onları ya fidyə ilə, ya da fidyəsiz azad etdirərdi. Ümumiyyətlə, İslam qulların azad edilməsi ilə bağlı çox böyük bir proqram tənzimləmişdir. Əgər müsəlmanlar həmin proqrama əməl etsəydilər, çox qısa zaman ərzində bütün qullar azad edilib İslam cəmiyyətinə qoşulardılar. Bu proqramın bəzi əsas prisipləri bunlardır: 1. Zəkatın sərf olunduğu yerlərdən biri qul azad etməkdir. 2. Qullar öz sahibləri ilə bağladıqları müqaviləyə əsasən öz məvacibləri qarşılığında azad edilə bilərdilər. 3. Qul azad etmək İslamda ən mühüm ibadətlərdən və ən xeyirli əməllərdən hesab edilir. İslam öndərləri bu işdə hər kəsdən öndə getmiş, qul azad etmək üçün kiçik bir bəhanə gəzmişlər. 4. İslamda bir çox qayda pozuntularının cəzası qul azad edilmə təyin edilmişdir. Orta əsrlərdə qullar öz azadlıqlarına İslamın hesablanmış proqramı əsasında nail olmuşlar. İslam onların hüquqlarını bərpa etmək üçün böyük addımlar atmış, onlara yüksək ehtiram göstərmişdir. Belə ki, Peyğəmbər (s) belə buyurmuşdur: “İnsan əlinin altında olan qardaşına öz yediyindən verməli, öz geyindiyindən geydirməli, onu gücü çatdığından artığı ilə yükləməməlidir.”[2] Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Kafirlər isə dünyanın ötəri ləzzətindən istifadə edər, heyvan kimi yeyib-içərlər. Sonda onların yeri oddur! Səni qovub çıxaran şəhərindən daha qüvvətli neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və onlara bir kömək edən də olmadı. Öz Rəbbi tərəfindən (vəhy edilmiş) aydın dəlilə istinad edən şəxs əməllərinin çirkinliyi gözünə gözəl göstərilən və nəfslərinə uyan şəxs kimi ola bilərmi?! Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada qoxumayan saf və xalis sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən (pak) şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbləri tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində həmişəlik qalan və içlərini parça-parça edən qaynar su içirdiləcək şəxslər kimi ola bilərlərmi? Onların arasında səni dinləyənlər də var. Ancaq sənin yanından çıxdıqda elm verilmiş şəxslərə istehza ilə deyərlər: “İndi (bu kişi) nə dedi?” Bunlar o adamlardır ki, Allah onların qəlbinə möhür vurmuş, özləri də nəfslərinə tabe olmuşlar. Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onlara təqva ruhu bağışlayar. Məgər onlar (kafirlər) yalnız Qiyamətin qəfildən gəlməsini (və onların məhz bundan sonra iman gətirməsini) gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Ancaq gəlib yetişdiyi zaman xatırlamalarının (və imanlarının) onlara heç bir faydası olmayacaq? Bil ki, Allahdan başqa heç bir məbud yoxdur. Həm özünün, həm də mömin kişilərlə mömin qadınların günahlarının bağışlanmasını dilə. Allah gəzib-dolaşdığınız yeri də, qərarlaşdığınız məskəni də bilir. ————————————————————————————— Cənnətdəki dörd çay: Ayələrdən Cənnətdə hər birinin özünəməxsus dad və faydası olan müxtəlif çay və bulaqların mövcud olduğu məlum olur. Nəzər nöqtəsi olan ayədə onların dördünün adı çəkilmişdir. Bu dörd növün adı çəkilərkən “çaylar” ifadəsinin işlədilməsi onların hər birinin bir deyil, çox olduğundan xəbər verir. Əslində Cənnət nemətlərinin dünya həyatına xas ifadələrlə təsvir edilməsi qeyri-mümkündür. Sözlər onları tam və dolğun şəkildə ifadə etməyə acizdir, yalnız cüzi bir bənzətmə yaratmağa kifayət edir.[3] Bəlkə də elə ayənin orijinalında “Cənnət məsəli…” ifadəsinin işlədilməsinin səbəbi məhz budur. Yəni həqiqi Cənnət sözlərlə ifadə edilməkdən çox-çox yüksəkdə dayanır. Sadəcə onunla bağlı təsəvvür yaratmaq üçün bənzətmədən istifadə edilmişdir. “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurulmuşdur: “Etdikləri əməllərin mükafatı kimi onlar üçün göz oxşayacaq nələrin gizlədildiyini heç kəs bilmir.”[4] Bu ayədə dörd Cənnət çayından axan dörd içkiyə işarə edilmişdir: susuzluğu yatırtmaq üçün su, qidalanmaq üçün süd, şadlıq, sevinc və yüksək əhval-ruhiyyə üçün pak şərab, güc və ləzzət üçün bal. Əlbəttə bu içkilər dünyadakı bənzərlərindən tamamilə fərqlənir. Dünyadakı sular bir müddət keçdikdən sonra qoxularını və dadlarını dəyişir, dünyadakı süd bir müddətdən sonra xarab olur, dünyadakı şərablar acı dadır, məstlik gətirir, dünyadakı ballar çox vaxt xalis olmayanla qarışır, amma Cənnət içkilərində bu qüsurların heç biri yoxdur. Cənnət elə bir yerdir ki, orada ən kiçik xoşagəlməzlik belə yoxdur.[5] Qiyamətin əlamətləri: “Əşrat” mənası əlamət olan “şərt” sözünün cəmidir. Şərt bir hadisənin baş verməsinin başqa bir fenomenin mövcudluğundan asılı olmasına deyilir. Belə ki, həmin fenomenin varlığı artıq növbəti hadisənin baş verəcəyindən xəbər verir. Deməli, Qiyamət əlamətləri Qiyamətin baş verməsi üçün zəruri olan hadisələrdir. Bəlkə də “əlamətlər” deyilərkən insanın yaranması, insan növünün əməlisaleh, günahkar, təqvalı və cinayətkarlara bölünməsi kimi həqiqətlərdir. Çünki bu təsnifatın Allahın qəti mühakiməsinə ehtiyacı vardır. Allah həmin mühakiməsində onları bir-birindən fərqləndirir, hər birinə layiq olduğu qarşılığı verir. İnsanların ölməsi Qiyamət əlamətlərindən ola bilər. Çünki Qiyamət əlamətlərindən biri hər kəsin ölümü dadmasıdır. Hamı ölməsə, Qiyamət qopmaz.[6] Bəziləri hesab edir ki, “artıq onun əlamətləri gəlmişdir” cümləsində bütün əlamətlərin Peyğəmbər (s) dövründə nazil olması nəzərdə tutulmamışdır. Cümlədə onların Qiyamətin yaxınlaşdığından xəbər verən bəzisinin aşkar olması, qalan hissəsinin isə gələcəkdə aşkar olacağı nəzərdə tutulmuşdur. Bu mülahizəyə əsasən bəziləri hesab edir ki, sözügedən ayədə “Qiyamətin şərtləri” deyilərkən Peyğəmbərin (s) öz qiyamı nəzərdə tutulur. Bunu Peyğəmbərin (s) öz hədisi də təsdiq edir: “Mən və Qiyamət bu ikisi kimi qaldırılmışıq”. Peyğəmbər (s) bu cümləni dedikdən sonra orta barmaqla şəhadət barmağını göstərmişdir. Bəziləri Peyğəmbər (s) zamanında baş vermiş “Ayın bölünməsi” və sair kimi hadisələri bu əlamətlərdən saymışlar. Bir çox hədislərdə bəzi günahların yayılması da Qiyamət əlamətlərindən biri kimi təqdim edilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Elmin aradan qalxıb, cəhalətin aşkar olması, şərabın içilməsi və zinanın artması Qiyamətin əlamətlərindəndir.” Hətta İmam Mehdinin (ə) qiyamı kimi mühüm hadisələr də Qiyamətin əlamətlərindən hesab edilir.[7] Möminlər: “Nə üçün (cihada dair) bir surə nazil olmur?!” – deyirlər. Ancaq döyüşdən bəhs edən açıq-aydın bir surə nazil olan kimi qəlbində xəstəlik olan münafiqlərin sənə ölüm ayağında olan adam kimi baxdığını görərsən. Ölüm onlar üçün daha yaxşıdır. (Lakin) itaət və xoş söz onlar üçün daha xeyirlidir. Cihad əmri qətiləşdiyi zaman Allaha sadiq qalsaydılar, onlar üçün daha yaxşı olardı. Əgər (bu göstərişlərdən) üz çevirsəniz, yer üzündə yalnız fitnə-fəsad törədəcəyiniz və qohumluq əlaqələrini kəsəcəyiniz gözləniləcək. Onlar Allahın Öz rəhmətindən uzaqlaşdırdığı, qulaqlarını kar və gözlərini kor etdiyi adamlardır. Məgər onlar Quran haqqında düşünmürlər? Yoxsa qəlbləri qıfıllıdır? Hidayət yolu aydınlaşdıqdan sonra haqqa arxa çevirən şəxslərin çirkin əməllərini Şeytan onlara gözəl göstərib özlərini də uzun-uzadı arzularla aldatdı. Bu, ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət edənlərə: “Biz bəzi işlərdə sizə itaət edəcəyik!” – dedilər. Halbuki Allah onların sirlərini bilir. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda halları necə olacaq? Bu, ona görədir ki, onlar Allahın qəzəbinə səbəb olan şeyə uydular və Onun razı qaldığı şeyə nifrət etdilər. Buna görə də (Allah) onların əməllərini puça çıxartdı. Yoxsa qəlblərində xəstəlik olanlar elə hesab edirdilər ki, Allah onların kin-küdurətini üzə çıxarmayacaq? ————————————————————————————– Cihad adından qorxmaq: Bu ayədə mömin və münafiqlərin cihad əmri qarşısındakı mövqeləri təsvir edilmişdir. Öncə belə buyurulur: “Möminlər: “Nə üçün (cihada dair) bir surə nazil olmur?!” – deyirlər.” Onlar cihad əmri verilən, möminlərin qəddar, qaniçən və məntiqsiz düşmənlərə qarşı necə davranacaqlarını müəyyən edən, ayələri qəlblərə hidayət nuru səpən, öz işığı ilə ruha və cana parlaqlıq bəxş edən surənin gəlməsini istəyirlər. Ancaq münafiqlər müharibə adını eşidən kimi bütün vücudlarını qorxu və iztirab bürüyür, az qalır ürəkləri ağızlarına gəlsin. Beyinləri donur, gözlərinin qarası can verən anda hərəkətsiz və diqqətlə baxan, kiprikləri qırpmadan açıq qalmış adamın gözlərinin qarası kimi bərələ qalır. Bu, qorxaq münafiqlərin vəziyyətini ifadə edən çox gözəl bir cümlədir. Niyə də belə olmasın? Birinci qrup möhkəm imana sahib olduğu üçün həm Allahın lütfünə, diqqətinə və yardımına ümid bəsləyir, həm də Onun yolunda ölməkdən çəkinmirlər. Onlar üçün cihad meydanı sevgiliyə qarşı sevginin izhar edildiyi, şərəf və üstünlük, istedadların çiçəkləndiyi, müqavimət və qələbə meydanıdır. Belə bir meydanda qorxuya yer yoxdur. Ancaq münafiqlər üçün cihad meydanı ölüm və yoxluq, bədbəxtlik, məğlubiyyət, dünya ləzzətlərindən ayrılıq, qorxulu və naməlum gələcəyi olan qaranlıq və zülmətlər meydanıdır.[8] Qohumluq əlaqələrinin kəsilməsi: Hədislərinin birində İmam Səccadın (ə) oğlu İmam Baqirə (ə) belə buyurduğunu görürük: “Qohumluq əlaqələrini kəsmiş adamla dostluq etmə. Çünki mən Allahın kitabının üç yerində ona lənət söyləndiyinin şahidi olmuşam. Allah-taala: “Əgər üz çevirsəniz…” – deyə buyurur.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Üç dəstə Cənnətə daxil olmayacaq: “Şərabxor, cadugər və qohumluq əlaqələrini kəsən şəxs.”[9] Quran düşüncə və əməl kitabıdır: Quranın bir çox ayəsində bu səmavi kitabın təkcə oxumaq üçün olan bir kitab olmadığı, əsas məqsədinin xatırlama, düşünmək, qorxutmaq, insanları qaranlıqlardan işığa çıxarmaq, şəfa, rəhmət və düz yola yönəltmək olduğu qeyd edilmişdir. Buna görə də Quran müsəlmanların həyat devizinə çevrilməli, onlar bu kitabı özlərinə rəhbər və nümunə seçməli, göstərişlərinə bircə-bircə əməl etməli, həyatlarının bütün istiqamətlərini onunla uyğunlaşdırmalıdırlar. Ayədə açıq şəkildə buyurulur ki, bu xəstə qəlbli münafiqlər Quranın ayələri haqqında dərindən düşünmədikləri üçün qara günə qaldılar. Yaddan çıxarmaq olmaz ki, Qurandan istifadə etməsi üçün insanın bir növ özünü islah etməsinə ehtiyacı var. Çünki qəlblərdə nəfsani istəklər, təkəbbür və qürur, inadkarlıq və təəssübkeşlik qıfılı olarsa, haqqın nuru oraya daxil ola bilməyəcək. Möminlərin əmiri İmam Əli (ə) təqvalıların xüsusiyyətlərindən bəhs edən bir xütbəsində belə buyurmuşdur: “Gecə vaxtı ibadət etmək üçün qalxırlar, Quranı hissə-hissə, aramla, düşünə-düşünə oxuyurlar, oxuyarkən qəmlənir, dərdlərinin dərmanını onda axtarırlar, müjdə verilən bir ayəyə yetişdikdə sanki qarşılarında imiş kimi tamahsılanırlar, ruhları görmək həvəsi ilə qanadlanır, əzab qorxusu verilən ayəyə yetişdikdə qəlb qulaqlarını ona dikirlər, Cəhənnəmin fəryad və haray səsinin qulaqlarında dolaşdığını güman edirlər.”[10] Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindən tanıyardın. Baxmayaraq ki, sən onları danışıq tərzlərindən tanıya bilərsən. Allah sizin əməllərinizi bilir. Biz aranızdakı həqiqi mücahidlərin və səbir edənlərin ayırd edilib üzə çıxarılması üçün sizin hamınızı, mütləq, sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq. Kafir olanlar, (insanları) Allah yolundan sapdıranlar və hidayət yolunu tanıdıqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər vura bilməzlər. (Allah) tezliklə onların bütün əməllərini puça çıxaracaqdır. Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin! Kafirləri, (insanları) Allah yolundan sapdıranları, sonra da kafir kimi ölənləri Allah heç vaxt bağışlamayacaqdır. Siz də (cihadda) zəiflik göstərməyin və üstün olduğunuz halda, (düşmənləri rüsvayedici) sülhə çağırmayın! Allah sizinlədir. O, sizin əməllərinizi əskiltməz. Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirib təqvalı olsanız, O, mükafatlarınızı verər və sizdən mal-dövlətinizi istəməz. Əgər (Allah) sizdən bunu istəsə və hətta israr etsə, siz isə xəsislik göstərsəniz, kin-küdurətinizi üzə çıxardar. Budur, siz Allah yolunda xərcləməyə dəvət edilirsiniz. Bəziləriniz xəsislik edir. Kim xəsislik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah ehtiyacsızdır, siz isə möhtacsınız. Əgər boyun qaçırsanız, yerinizə sizə bənzəməyən başqa insanlar gətirər. ———————————————————————————– Münafiqləri danışıq tərzlərindən tanımaq olar: İnsanın nəyisə ürəyində uzun müddət gizli saxlaması, hətta eyham, işarə və səs tonu ilə də aşkara çıxarmaması qeyri-mümkündür. Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Heç bir şəxs heç nəyi ürəyində gizli saxlamır, onu ən azı düşünmədən dediyi sözlərində və ya üz ifadələrində aşkar edir.” Quranın başqa ayələrində də münafiqlərin danışıq tərzini göstərən tikanları sözləri və ya şübhəli hərəkətlərindən söhbət açılmışdır. Bəzi təfsirçilər bu ayə nazil olduqdan sonra Peyğəmbərin (s) münafiqləri əlamətlərindən tanıdığını qeyd etmişlər. Peyğəmbərə (s) münafiqlərdən hər hansı biri öldükdən sonra ona namaz qılmaması, qəbrinin yanında dua etməməsi və günahlarının bağışlanmasını istəməməsi ilə bağlı verilmiş göstəriş bu iddianı təsdiq edən faktlardan biridir (Tövbə-84). Münafiqlərin əsl simalarını büruzə verdikləri yerlərdən biri cihad idi; döyüşdən əvvəl, köməklərin toplaşdığı vaxt, meydana getmək üçün hazırlıq, döyüş meydanı, düşmənin kəskin hücumları, döyüşdən sonrakı vaxt, qənimətlərin bölündüyü vaxt. Quranın çox ayələrində, xüsusilə “Tövbə” və “Əhzab” surələrində bu cəhətlərə işarə edilmişdir. İş o yerə çatmışdı ki, hətta adi müsəlmanlar da qeyd olunan məqamlarda onları tanıya bilirdilər. Münafiqlərin aşkar əlamətlərindən biri İmam Əliyə (ə) qarşı düşmənçilik idi. Əbu Səid Xudriyə istinad edilən bir hədisdə deyilir: “Danışıq tərzi” deyilərkən onların Əli ibn Əbutalibə qarşı nifrəti idi. Peyğəmbər (s) dövrünün münafiqlərini onların Əli ibn Əbutalibə qarşı olan nifrətləri ilə tanıyırdıq.” Əlbəttə, kişilər arasında ilk iman gətirmiş ilk möminə və canını İslam üçün ilk sipər edən bir şəxsə qarşı düşmənçilik münafiqlərin aşkar əlamətlərindən biri idi. Bu gün də münafiqləri danışıq tərzlərindən, mühüm sosial məsələlərdə, xüsusilə böhranlı vəziyyətlərdə və müharibələrdə əks mövqedə dayanmaları ilə tanımaq çox asandır. Danışıqlarına və davranışlarına azacıq diqqət yetirməklə onları tanımaq olar. Çox yaxşı olar ki, müsəlmanlar ayıq olsunlar, bu ayədən ilham alıb təhlükəli və kinli düşmənləri tanıyıb ifşa etsinlər.[11] Allaha itaətsizlik göstərmənin nəticəsi: Bu cümlədə bütün müsəlmanlara elan edilir ki, onları pak dininin keşikçiləri etmiş Allah-taalanın bu böyük nemətinin qədrini bilsinlər. Bu yük heç vaxt yerdə qalmır, əgər siz öz mövqeyinizin nə qədər böyük olduğunu dərk etmirsinizsə, bu böyük işə səhlənkar yanaşırsınızsa, Allah başqa bir xalqı sizin yerinizə, sizdən fədakar, malını və canını Allah yolundan verməyə sizdən daha hazırlıqlı olan bir xalqı seçib böyük missiyanı onlara həvalə edəcək. Təfsirçilər yazırlar ki, bu ayə nazil olduqdan sonra bir qrup səhabə Peyğəmbərə (s) dedi: “Bu ayədə nəzərdə tutulan insanlar kimlərdir?” Bu vaxt Salman Peyğəmbərin (s) yanında əyləşmişdi. Peyğəmbər (s) ənənəsinə uyğun olaraq əlini onun qıçının üstünə, başqa bir hədisə görə isə çiyninə vuraraq buyurur: “Bu kişi və onun qövmü nəzərdə tutulur? Canım əlində olana and olsun ki, əgər iman Sürəyyə ulduzundan asılı olsa da, Farsdan olan bir qrup kişi onu əldə edəcək.” Hədislərinin birində (ə) İmam Sadiq (ə) belə buyurmuşdur: “And olsun Allaha ki, Allah bu vədinə əməl etdi, onlardan daha yaxşı olan qeyri-ərəbi onların yerinə gətirdi.” Əgər İslam tarixi və İslam elmlərinə təəssübsüz diqqət yetirsək, qeyri-ərəb xalqların, xüsusilə iranlıların cihad və düşmənlə mübarizə meydanlarında qoşunun 1/3 təşkil etdiyinin və İslam elmlərinin yayılmasında müstəsna rol oynadıqlarının şahidi olarıq. Bütün bunları nəzərə alsaq, hədisin mənasını daha yaxşı başa düşərik.[12]   [1] Əl-Mizan, c.18, səh.225 [2] Nümunə, c.21, səh.412 [3] Nümunə, c.21, səh.442 [4] Əl-Mizan, c.18, səh.236 [5] Pəyame-Quran, c.6, səh.244 [6] Əl-Mizan, c.18, səh.240 [7] Nümunə, c.21, səh.449 [8] Nümunə, c.21, səh.461 [9] Nümunə, c.21, səh.466 [10] Nümunə, c.21, səh.467-469 [11] Nümunə, c.21, səh.479 [12] Nümunə, c21, səh.497

QURANI KƏRIM 14.02.2025

“Casiyə” surəsi

“Casiyə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim! Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Şübhəsiz, göylərdə və yerdə möminlər üçün nişanələr vardır. Sizin yaradılışınızda və (yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün nişanələr vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən bərəkət endirib onun vasitəsilə yerə ölümündən sonra həyat bəxş etməsində, habelə küləklərin əsməsində düşüncəli insanlar üçün nişanələr vardır. Bunlar Allahın nişanələridir. Biz onu sənə haqq olaraq oxuyuruq. Onlar Allahın sözünə və ayələrinə inanmadıqdan sonra daha hansı sözə inanacaqlar?! Vay halına günahkar yalançının! O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək əks mövqeyinə israr edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. Ayələrimizin hansındansa xəbərdar olduğu zaman onu lağa qoyur. Belələri üçün alçaldıcı bir əzab vardır. Onları Cəhənnəm izləyir. Nə qazandıqları, nə də Allahdan başqa tutduqları himayəçilər onları (əzabdan) xilas edə bilməyəcəklər. Onları böyük bir əzab gözləyir. Bu (Quran) doğru yol göstəricisidir. Rəbbinin ayələrini inkar edənləri ən pis cəza – ağrılı-acılı əzab gözləyir. Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən faydalanmağınız üçün dənizi sizə ram edən Allahdır. Bəlkə şükür edəsiniz. Göylərdə və yerdə olanların hamısını Özü sizə ram etmişdir. Bunda düşünən adamlar üçün nişanələr vardır. —————————————————————————————– “Casiyə” surəsinin ümumi məzmunu: Bu surə yeddi mövzunu əhatə edir: 1. Quranın əzəməti; 2. Təkallahlığı sübuta yetirən dəlillərin bir qismi; 3. Naturalistlərin bəzi iddiaları və onlara cavab; 4. Keçmiş xalqların, o cümlədən İsrail oğullarının aqibətinin necə olmasına işarə; 5. Öz azğın inancları üzərində israrla dayanmış azğınlara qarşı təhdid; 6. Doğru yoldan sapmamaq və qətiyyət göstərməklə yanaşı əfv və güzəştə dəvət; 7. Qiyamətin təkanverici hadisələrinə işarə.[1] İnsanın qəribə yaranışına diqqət: Bu ayəyə əsasən insanın mürəkkəb yaranışına diqqət varlıq aləminin bilikli və qüdrətli yaradıcısını tanımaq üçün uyğun nərdivan rolunu icra edə bilər. İnsan bütün kainatı özündə xülasələşdirmiş kiçik bir cismdir. Onun bir hüceyrəsinin quruluşu böyük bir sirli sənaye şəhərinin quruluşu boydadır. Elmi araşdırmalar nəticəsində bəzi xüsusiyyətləri kəşf edilmiş bir tük kompleks olaraq bütün xüsusiyyətləri ilə yaranışı Allahın böyük nişanələrindən biridir. Bədəndə irili-xırdalı minlərlə kilometr uzunluqda olan damarların, həddən artıq incə olan kapillyarların, minlərlə kilometr uzunluqda sinir sistemlərinin mövcudluğu, onların beyində yerləşən həddən artıq mürəkkəb, sirli, eyni zamanda güclü olan bir mərkəzlə əlaqəsi, bədənin daxilindəki orqanların hər birinin işləmə mexanizmi, qəfil hadisə baş verdiyi zaman onların heyrətamiz rabitəsi, xarici amillərin hücumu zamanı mühafizəçi qüvvələrin ciddi müdafiəsi və sair ayrı-ayrılıqda bütün mövcudat aləmini Allahın tanınma əlaməti kimi qəbul edən iman və qətiyyət axtarışında olan, fikir və düşüncə sahibləri üçün çox mühüm bir nişanədir. Maddə və dünya həyatından kənar bir həqiqətin olduğunu qəbul etməyən insanlar bütün ömürlərini tanınmazların tanınmasına, bilinməzlərin bilinməsinə sərf etsələr də bu reallığı dərk edə bilməyəcəklər.[2] Üç böyük nemətə – işıq, su və havaya diqqət: Bu ayədə insan və digər varlıqların həyatında mühüm rol oynayan üç böyük nemətə işarə edilmişdir. Birinci nemət işıq və qaranlıq, onların bir-birini əvəzləməsidir. Əgər gündüz daimi olsaydı, temperatur o qədər yüksələrdi ki, bütün canlılar yanardı. Əgər gecə daimi olsaydı, hər şey soyuqdan donardı. Alimlər bildirirlər ki, gecə və gündüzlərin uzunluğu və qısalığı baxımından Yer kürəsinin ayrı-ayrı regionlarının fərqlənməsinə baxmayaraq, ilin bütün günlərinin məcmusunu hesabladıqda, bütün regionların günəş enerjisindən eyni ölçüdə istifadə etdiyinin şahidi oluruq. İkinci nemət göyün həyat bəxş edən yağışdır. Nə zərifliyinə etiraz oluna bilər, nə də həyat bəxş etməsinə. Hər yerdə həyat, gözəllik və təravət nişanəsi sayılır. Niyə də olmasın? Halbuki insan, heyvan və bitkilərin çoxunun əsas hissəsini su təşkil edir. Üçüncü nemət küləkdir. Külək oksigenli havanı yerbəyer edib canlıların ixtiyarına verir. Karbonlu havanı təmizləmək və distillə etmək üçün meşələrə, düzlərə, səhralara aparır, təmizlədikdən sonra şəhər və kəndlərə qaytarır. Qəribəsi isə bitki və heyvanların fərqli tənəffüs sisteminə malik olmasıdır. Heyvanlar oksigeni alır, dioksidin karbon qazını buraxır. Bitkilər isə dioksidin karbonu alıb oksigeni verir, bununla da balansı təmin edir. Zaman keçdikcə faydalı ehtiyatın tükənməməsi üçün küləklər bitkiləri tozlandırmaqla yanaşı toxumları başqa yerlərə səpir, meşə və təbii guşələri becərir, okeanlarda dalğa yaradır, dalğa isə öz növbəsində dənizə həyat və hərəkət bəxş edir, suyu üfunətdən və zibildən xilas edir, gəmiləri suyun üzündə hərəkət etdirir.[3] İman gətirənlərə de: “Allah, etdikləri əməllərə görə hər bir tayfanın cəzasını versin deyə, Allahın günlərinə (Qiyamət gününə) ümidi olmayanları bağışlasınlar. Kim yaxşı iş görsə, (xeyri) özünə, kim də pislik etsə, zərəri özünə olar. Sonra hamınız Rəbbinizə qaytarılacaqsınız. Biz İsrail oğullarına kitab, hökmranlıq və peyğəmbərlik bəxş etmiş, onlara pak nemətlərdən ruzi vermiş və onları aləmlərdən üstün etmişdik. Onlara peyğəmbərlik və şəriətə dair aydın dəlillər vermişdik. Amma elm onlara gəldikdən sonra zülm və ağalıq etmək istəyi üzündən ixtilafa düşdülər. Amma sənin Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir. Sonra səni doğru din və şəriət yolunda qərarlaşdırdıq. Sən ona tabe ol və bilməyənlərin istəklərinə tabe olma! Onlar səni Allahdan (və onun əzabından) əsla qurtara bilməzlər. Zalımlar bir-birinin dost və yoldaşıdır, Allah da təqvalıların dost və yoldaşıdır. Bu (Quran və İslam şəriəti) qəti inamı olanlar üçün görmə, doğru yola yönəlmə və mərhəmət vasitəsidir. Yoxsa günah qazanan və pis işlərlə məşğul olanlar onları iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı və həyatları ilə ölümlərinin eyni olacağınımı güman edirlər? Nə pis mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Onlara heç bir haqsızlıq edilməyəcəkdir. ————————————————————————————- Allahın günlərinə ümidi olmayanları bağışlasınlar: Bu ayə Məkkədə nazil olub. Özlərini üstün tutan və Allahın ayələrinə istehza edənlərdən bəhs edən ayələrdən sonra gəlir və onları çox ağır əzabla təhdid edir. Möminlər Peyğəmbərə (s) tənələr yağdıran, onu təhqir edən, təhqirlərində hədlərini aşan, Allahın ayələrinə rişxənd edən insanlarla qarşılaşanda ixtiyarları əllərindən gedir, Allahın kitabı və Peyğəmbərin (s) müdafiəsinə qalxar, kafirlərdən çirkin davranışlarından əl çəkmələrini, Allaha və Peyğəmbərə (s) iman gətirmələrini tələb edərmişlər. Ancaq onlar kafirlərin inad və təkəbbürləri ucbatından Allahın əzabına düçar olduqlarını və əsla doğru yola yönəlməyəcəklərini bilmirdilər. Buna görə də Allah Peyğəmbərə (s) göstəriş verir ki, möminlər bu tip kafirlərə güzəştə getsinlər, onlara etiraz etməsinlər. Çünki onlar tezliklə öz əməllərinin cəzasını alacaqlar. (Allahın günləri mövzusu ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: İbrahim-5).[4] Peyğəmbər (s) haqq din və şəriət yolu üzərində: “Şəriət” suyu yer səthində aşağıda olan çayın suyundan istifadə etmək üçün düzəldilmiş yola və ümumiyyətlə, insanı məqsədinə çatdıran istənilən yola deyilir. Bu ifadənin haqq din barəsində işlədilməsi onun vəhy mənbəyinə, Allahın razılıq çeşməsinə, dirilik suyuna bənzəyən əbədi xoşbəxtliyə çatdırması ilə bağlıdır. Bu ifadə Quranda cəmi bir dəfə, o da İslam dini haqqında işlədilmişdir.[5] Möminlərlə kafirlərin bir-birindən fərqlənən həyatı və ölümü: Quranın ayrı-ayrı ayələrində mömin və kafir, təqvalı və günahkar insanlar müqayisə edilmişdir. Bu ayədə Allah iman və saleh əməlin və ya küfr və günahın insan həyatına təsir etmədiyini söyləyənlərin fikirlərinin səhv olduğunu başa salmaq istəyir. Əslində, bu qrupların həyatları bir-birindən fərqlənir. Möminlər iman və saleh əməl sayəsində xüsusi rahatlıq əldə edir və bu rahatlıq nəticəsində dünya həyatının ən ağır hadisələri belə onlara təsir göstərmir. Halbuki imanı olmayan və günah çirkabına bulaşmış insanlar hər zaman stress və narahatlıq içindədirlər. Üzdə rifah içində olduqları təsəvvürü bağışlaslar da, hər zaman maddi mülkiyyətlərinin məhv olacağından əziyyət çəkir, çətinliklə qarşılaşdıqda onunla mübarizə apara bilmirlər. Möminlər Allahın himayəsi ilə doğru yolda olurlar, ancaq ikinci qrup insanların həyatda bəlli hədəf və proqramları olmur. Buna görə də qaranlıqlar içində özlərini itirmiş halda gəzirlər. Bu cəhətlər dünya həyatına aiddir. Ancaq əbədi aləmə bir qapı, axirətə bir darvaza olan ölüm təqvalılar üçün bütün çətinliklərdən xilas, əzab-əziyyətsiz həyata başlanğıcdır. Halbuki ölüm imanı olmayan günahkarlar üçün çətinliklər, əzab-əziyyətlə dolu olan ağır həyatın başlanğıcıdır. “Nəhl” surəsinin 32-ci ayəsində təqvalılar haqqında belə buyurulmuşdur: “O kəslər ki, mələklər onların canlarını tərtəmiz olduqları halda alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!” Halbuki imanı olmayan günahkarlarla başqa cür davranılacaq. “Nəhl” surəsinin 28-29-cu ayələrində belə buyurulur: “Mələklər özlərinə zülm edən kimsələrin canlarını aldıqları zaman onlar itaət göstərib: “Biz heç bir pis iş görmürdük!” (– deyəcəklər) Xeyr! Allah sizin nələr etdiyinizi bilir. (Onlara deyiləcək:) “İndi isə içində əbədi qalacağınız Cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!”[6] Nəfsinin istəyini öz tanrısı edən şəxsi gördünmü? Allah (əzəli) elmi sayəsində onu azğınlığa salıb, qulağını və qəlbini möhürləyib, gözünə də pərdə çəkib. Bu vəziyyətdə onu Allahdan başqa doğru yola kim yönəldə bilər? Məgər yada salıb xatırlamırsınız? Onlar dedilər: “Bizim dünya həyatımızdan başqa həyat yoxdur. Kimimiz ölür, kimimiz də onun əvəzinə doğulur. Bizi öldürən ancaq təbiət və zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Bizim aydın ayələrimiz onlara oxunduğu zaman onların: “Əgər doğru deyirsinizsə, atalarımızı (dirildib) gətirin!” – deməkdən başqa bir dəlilləri yoxdur. De: “Allah sizə həyat verir, sonra öldürür, sonra da sizi (gələcəyinə) heç bir şəkk-şübhə olmayan Qiyamət günü (dirildib) bir yerə toplayacaqdır”. Lakin insanların çoxu bilmir. Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. Qiyamət qopacağı gün yanlış yolda olanlar ziyana uğrayacaqlar. Sən bütün ümmətləri diz çökmüş görəcəksən. Hər bir ümmət öz kitabına tərəf çağırılacaqdır. (Onlara deyiləcək:) “Bu gün sizə etdiyiniz əməllərin əvəzini verəcəklər! Bu, Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Biz sizin etdiyiniz əməlləri yazırdıq!” İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbləri onları öz rəhmətinə daxil edəcək. Bu, böyük qurtuluşdur. Kafir olanlara gəldikdə isə, (onlara deyiləcəkdir): “Məgər ayələrim sizə oxunmurdu? Siz isə təkəbbür göstərdiniz və günahkar adamlar idiniz. “Allahın vədi haqdır və Qiyamətlə bağlı heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman siz deyirdiniz: “Biz Qiyamətin nə olduğunu bilmirik! Bu barədə yalnız güman edirik, heç bir əminliyimiz yoxdur.” —————————————————————————————– Materialistlərin inancları: Bu ayədə tövhidi inkar edənlər haqqında bir mövzu açılmış və materialist qrupuna işarə edilmişdir. Materisalistlər varlıq aləminin yaradıcısı olduğunu qeyd-şərtsiz olaraq inkar edirlər. Halbuki müşriklərin çoxu Allahın varlığına inanır, ibadət etdikləri bütləri Onun şəfaətçiləri olduğunu düşünürlər. Kainatda baş verən hadisələrin subyektinin zaman və ya başqa bir iddiaya görə fələklərin hərəkət və vəziyyəti olduğunu iddia edən klassik materialistlər dünyada baş verən hadisələri fələklərlə əlaqələndirmiş, əsl səbəbkarın kürələr olduğuna inanmışlar. Bu xurafat zaman keçdikcə sıradan çıxmışdır. Xüsusilə astronomiya elmi inkişaf etdikdən sonra obyektiv aləmdə fələklər (büllur soğan qabığının iç-içə kürələri) deyilən bir fenomenin olmadığı, ulduzların da az-çox eynilə Yer kürəsinə bənzər quruluşa malik olduğu sübuta yetmişdir. Sadəcə, bəzisi sönükdür, bəzisi digər kürələrdən işıq alır, bəzisi işıq saçır. Materialistlər bəzən xoşagəlməz hadisələrə görə fələyi söyürlər. Çox maraqlıdır ki, müasir ədəbiyyatda bəzi allahpərəst şairlərin fələyin qəddar, tərsinə fırlanan çarx olduğunu söylədiklərinin şahidi oluruq. Onlar hər hansı hadisədə zamanı lənətləyib onu nifrin edirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Zamanı söyməyin, zaman Allahdır”. O bununla zamanın yalnız quruca söz olduğunu başa salmaq istəmişdir. Yəni bu dünyanın idarəedicisi və fırladanı Allahdır. Bu dünyanın idarəedicisini söyən özü də bilmədən Allahı söymüş olur. Bəzi böyüklər, hətta imamların kəlamlarında zamana nifrin edilməsi faktı ilə qarşılaşırıq. Təbii ki, onlar həmin ifadələrlə fələkləri və varlıq sistemini deyil, zəmanə insanlarını nəzərdə tutmuşlar. Diz çökmüş ümmətlər: Təfsirçilərin yazdıqlarından belə məlum olur ki, keçmişdə məhkəməyə çağırılmış insanlar başqalarından seçilmək üçün diz üstə əyləşərmişlər. Qiyamət günü də mühakimə olunmaları üçün o böyük məhkəmə qarşısında hər kəs diz üstə çökəcək. Çünki hazır vəziyyətdə oturan insanlar diz üstə otururlar. Qeyd olunan ifadə ilə ola bilsin ki, onların mühakiməyə hazır olduqları və ya zəif və aciz olduqları, varlıqlarını bürümüş qorxu ucbatından oturmaq nəzərdə tutulmuşdur. Ayədə bütün bu deyilənlərin hamısının birlikdə nəzərdə tutulduğunu da söyləmək olar.[7] Köçürmək: Bu ayə ilə bağlı müxtəlif izahlar irəli sürülmüşdür. Ancaq onların arasında ən uyğunu bu ikisindən biri ola bilər: Ola bilsin ki, burada “köçürmə” deyilərkən ya elə yazmaq nəzərdə tutulur, ya da insanın əməlləri insanın ixtiyarı olmadan yazdığı bir kitab kimidir, əməlləri hafizələrinə yazan mələklər həmin kitabın üzünü köçürürlər. Buna görə də “Yasin” surəsinin 12-ci ayəsində bu ifadənin əvəzinə “yazmaq” ifadəsi işlədilmişdir: “Həqiqətən, Biz ölüləri dirildir, öncədən göndərdiklərini və onların təsir və nəticələrini yazırıq”. (Qiyamət günü insanın öz əməllərindən xəbərdar olacağı ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: Muminun-62; Kəhf-49).[8] Onların etdikləri əməllərin pis nəticələri özlərinin qarşısına çıxacaq, nəhayət, istehza etdikləri onları bürüyəcək Onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Yeriniz Cəhənnəmdir. Sizin heç bir köməkçiniz yoxdur. Bu, ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatdı”. Bu gün onları oradan çıxarmayacaq və heç bir üzr qəbul edilməyəcək. Həmd göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha məxsusdur! Göylərdə və yerdə böyüklük və əzəmət yalnız Ona məxsusdur. Qüdrətli və müdrik Odur. “Əhqaf” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim! Bu kitab qüdrətli, müdrik Allah tərəfindən nazil edilmişdir. Biz göyləri, yeri və bu ikisi arasında olanları yalnız haqq olaraq və məlum bir zaman üçün yaratdıq. Kafirlər isə qorxudulduqları şeylərdən üz döndərdilər. Onlara de: “Mənə göstərin görüm, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa göylərin yaradılmasında onların bir şərikliyi var? Əgər doğru danışırsınızsa, (sözlərinizin doğruluğunu sübuta yetirmək üçün) mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya keçmişdəkilərə aid bir elmi əsər gətirin”. Allahı qoyub Qiyamət gününə qədər onlara cavab verə bilməyən, çağırılmasından da xəbərsiz olan əşyaları çağıran şəxsdən daha azğın kim ola bilər? ————————————————————————————— Bu gün sizi unudacağıq: Şübhəsiz ki, elmi bütün varlıq aləmini əhatə edən Allah əsla unutmaz. Əslində, bu ifadə günahkar insana etinasızlıq və ona etina edilməməsini ifadə etmək üçündür. Dilimizdə də bu formadan istifadə edirik. Məsələn, “filan vəfasız dostu birdəfəlik unut, onu heç vaxt axtarma!” Bu ifadə forması əməllərin təcəssümünü, cəza və cinayətin uyğunluğunu ifadə etmək üçündür. Çünki Qiyamət günündə unutmaq mərhəmətli və mehriban Allahın kimisə bütün lütf və mərhəmətindən məhrum etməsi deməkdir.[9] “Əhqaf” surəsinin ümumi məzmunu: Bu surə aşağıdakı mövzuları ehtiva edir: 1. Quranın əzəməti; 2. Bütün növ şirk və bütpərəstliyə qarşı mübarizə; 3. Məad və Allahın ədalətli məhkəməsi; 4. Əhqaf diyarının Ad qövmü; 5. Peyğəmbərin (s) dəvətinin ümumiliyi və genişliyi (insanlarla yanaşı cinlərə də şamil olması). 6. Möminlərin həvəsləndirilməsi, kafirlərin qorxudulması; 7. Peyğəmbəri (s) daha çox səbirli və dözümlü olmağa, keçmiş peyğəmbərlər kimi davranmağa çağırmaq.[10] Keçmiş ümmətlərə aid kitab və ya elmi əsərin gətirilməsini istəmək: Bu ayədən belə başa düşülür ki, dəlil ya səmadan göndərilmiş vəhy əsaslı nəqli, ya rasional və məntiqi olmalı, ya da elm adamlarının təsdiqinə əsaslanmalıdır. Müşriklər öz bütləri ilə bağlı irəli sürdükləri iddialarda nə hər hansı səmavi kitaba əsaslanırdılar, nə də ibadət etdikləri bütlərin göylərin və yerin yaradılışına ortaq olduqlarını sübuta yetirə bilirdilər. Onların iddialarını nə ağıl qəbul edir, nə də keçmiş xalqların elmi əsərləri təsdiq edirdi. Onların dinləri yalnız bir ovuc xurafatdan və yalançı xəyallardan ibarət idi.[11] İmam Əli (ə) İmam Həsənə (ə) etdiyi vəsiyyətində belə buyurmuşdur: “Bil ay oğlum! Əgər Rəbbinin şəriki olsaydı, onun da peyğəmbərləri gələrdi, onun da hökmranlıq və idarəçiliyinin əlamətlərini görərdin, işləri və xüsusiyyətlərindən xəbərdar olardın. Amma sənin Allahın Özü-Özünü səciyyələndirdiyi kimi təkdir.” Allah hikmət sahibidir, müdrikdir, hikmət sahibi olan Allahın həm yaradılış, həm də qanunvericilik aləmində doğru yola yönəldən bələdçisi və lütfü vardır. Bəs kainatda heç bir əsər-əlaməti, elçiləri olmayan başqa Allahın varlığı necə təsəvvür edilə bilər? Əgər varsa, bu, onun müdriklikdən kənar olduğunu göstərir, çünki insanları onu, onun əzəmət və qüdrətini tanımaqdan məhrum edib. Bundan başqa, bütün peyğəmbərlərin insanları təkallahlığa dəvət etməsi ikinci Allahın fərz edilməsi ilə uyğun gəlmir. Çünki peyğəmbərləri göndərən bir Allahın yalan danışıb insanları təkallahlı olmağa çağırması qeyri-mümkündür. Çünki bu da Onun hikmət və müdrikliyi ilə düz gəlmir. Əlbəttə, Allahın təkliyini sübut edən başqa dəlillər də mövcuddur. Ancaq bütün peyğəmbərlərin insanları tək olan Allaha doğru çağırması da müstəqil dəlillərdən biridir.[12] Buna görə də “mənə göstərin görüm, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar?” cümləsi ilə əqli dəlilə, “əgər doğru danışırsınızsa, (sözlərinizin doğruluğunu sübuta yetirmək üçün) mənə bundan əvvəl (nazil olmuş) bir kitab və ya keçmişdəkilərə aid bir elmi əsər gətirin” cümləsi ilə nəqli dəlilə, “keçmişdəkilərə aid bir elmi əsər” ifadəsi ilə peyğəmbərlərin və onların icraçılarının ənənəsinə, keçmiş alimlərin əsərlərinə işarə edilmişdir. İmam Baqir (ə) “elmi əsər” ifadəsini təfsir edərkən buyurmuşdur: “Burada peyğəmbərlərin canişinlərinin elmi nəzərdə tutulmuşdur”.[13] İnsanlar bir yerə toplanılacaqları zaman məbudları onlara düşmən kəsiləcək, hətta ibadətlərini inkar edəcəklər. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman kafirlər onlara gəlmiş həqiqət qarşısında dayanıb: “Bu, açıq-aşkar bir sehrdir!” – deyirlər. Yaxud: “Bu ayələri Allahın adından uydurub!” – deyirlər. De: “Əgər mən onu Allahın adından uydurmuşamsa, siz məni Allahdan qoruya bilməzsiniz. O, sizin etdiyiniz əməllərdən daha yaxşı xəbərdardır. Allahın mənimlə sizin aranızda şahid olması yetər. O, bağışlayandır, rəhmlidir”. De: “Mən təzəcə zühur etmiş bir peyğəmbər deyiləm. Mənim və sizin başınıza nə gələcəyini də bilmirəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar qorxudanam!” De: “Mənə deyin görüm, əgər bu Quran Allah tərəfindən olsa və siz də onu inkar etmiş olsanız, halbuki İsrail oğullarından biri də ona şahidlik edib iman gətirsə, siz isə təkəbbür göstərsəniz (sizdən zülmkar adam olarmı)? Allah zalımları doğru yola yönəltməz!” Kafirlər möminlər haqqında belə dedilər: “Əgər (İslam) yaxşı bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Bunun vasitəsilə doğru yola gəlmədikləri üçün: “Bu, köhnə bir yalandır!” – dedilər. Ondan əvvəl Musanın rəhbər və rəhmət olan kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində, fəsih və aydın şəkildə nazil edilmiş, Tövratın əlamətləri ilə uyğunluq təşkil edən bir kitabdır. “Rəbbimiz Allahdır!” – deyib sonra düz yol tutanlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar Cənnət əhlidirlər və etdikləri əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar. ——————————————————————————- Müşriklərin iradlarının çoxuna bir cavab: Bu ayənin çox qısa, eyni zamanda dərin məzmunlu cümlələri müşriklərin iradlarının çoxuna bir cavabdır. Bəzən müşriklərə adi bir insanın Allahla əlaqə yarada bilməsi təəccüblü gəlirdi. Bəzən deyirdilər ki, nə üçün o yemək yeyir, küçə və bazarları gəzir, bəzən ondan əcaib möcüzələr göstərməsini istəyir, hər adam bir şey arzu edirdi. Bəzən Peyğəmbərin (s) qeyb elminin mədəni olduğunu hesab edib gələcəkdə baş verəcək bütün hadisələri onlara danışmasını istəyirdilər. Bəzən onun təkallahlıq və məbudun yeganə olması inancına çağırış etməsinə təəccüblənirdilər. Allah-taala bu ayə vasitəsilə bütün bəhanələrə cavab verərək buyurur: “De: “Mən təkallahlıq dininə çağıran ilk adam deyiləm. Məndən qabaq çoxlu peyğəmbərlər gəlib, hamısı da insan olub, hamısı paltar geyinib, yemək yeyib, heç biri də qeybi qeyd-şərtsiz olaraq bildiyini iddia etməyib. Hamısı qeyb hadisələrindən Allahın öyrətdiyi qədər xəbərdar olub. Onların heç biri insanların nəfsani istəklərindən qaynaqlanan təklifləri qarşısında təslim olmayıb. Hər kəs bilməlidir ki, Peyğəmbər (s) də Allahın bəndələrindən biridir. Onun da elmi və qüdrəti Allahın verdiyi miqyasla məhdudlaşır. Mütləq olan sonsuz elm və qüdrət Allaha məxsusdur.” İnsanların yersiz iradlara son qoyması üçün bunlar onların bilməli olduqları gerçəklərdir. Peyğəmbərin (s) qeybi bildiyi qeyd edilən ayənin bu ayə ilə təzad təşkil etmədiyini diqqətdən qaçırmamalıyıq. Çünki bu ayə qeyd-şərtsiz, mütləq, başqa sözlə desək, müstəqil bilməni inkar edir. Ancaq digər ayələrdə Peyğəmbərin (s) qeybdən Allahın təlimatı ilə xəbərdar olduğu buyurulur.[14] İsrail oğullarından Quranın düzlüyünə şahid: Təfsirçilərin çoxu qeyd edir ki, həmin adam Mədinədə iman gətirib müsəlmanlara qoşulmuş məşhur yəhudi alimi Abdullah ibn Səllam olmuşdur. Peyğəmbər (s) bir nəfər müsəlmanın, bir qrup da yəhudinin olduğu bir məclisdə ilarkən Abdullah ibn Səllam öncə yəhudilərdən onun (özünün) Tövratı onlardan yaxşı bildiyini öz dilləri ilə təsdiq etmələrini istəyir, bundan sonra İslam peyğəmbərinin (s) peyğəmbər olduğunu təsdiq edir, onun Tövrat və İncildə haqqında müjdə verilən peyğəmbər olduğuna şahidlik edir, sonra İslamı qəbul edir və oranı Peyğəmbərlə (s) birlikdə tərk edir.[15] Nəfsani istəklərin köləsi olmuş varlıların dinlə bağlı məntiqləri: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bir neçə mülahizə qeyd etmişlər. Onların hamsının məcmusundan belə başa düşülür ki, yoxsul, səhranişin, kasıb təbəqə İslamı çox sürətlə qarşıladı. Çünki onların nə təhlükəyə məruz qalacaq qeyri-qanuni mənfəətləri var idi, nə də beyinləri təkəbbür havası ilə dolmuşdu, digər tərəfdən isə, onların qəlbi əyyaş və nəfsani istəklərin əsirinə çevrilmiş varlıların qəlbindən çox-çox təmiz idi. Bu təbəqənin İslama isti qucaq açması Allah dininin ən güclü cəhətlərindən idi. Halbuki bu cəhət özlərini hər kəsdən yuxarı tutan müşriklər üçün zəif cəhət hesab edilirdi. Onlar deyirdilər: Bu necə dindir ki, onun davamçıları səhrada yaşayan yoxsul və kasıblar, kənizlər və qullardır? Əgər məntiqli bir məktəb olsaydı, onu heç də cəmiyyətin yalnız aşağı təbəqəsi deyil, eyni zamanda yüksək təbəqənin adamları, cəmiyyətin yanan çırağı olan bizlər də qəbul etməli idik. Din haqqındakı bu azğın və yanlış təfəkkür tərzi bu gün də özündənrazı varlılar və nəfsani istəklərin ardınca gedən imkanlılar arasında geniş yayılıb. Onlar deyirlər ki, din yoxsul və ayaqyalın adamlar üçündür, ümumiyyətlə, onlar bir-biri üçün yaxşıdır, biz daha yüksək təbəqənin adamlarıyıq. Quranın bu ayəsində Allah-taala onlara yetərli cavab verir.[16] Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğ­­muşdur. Onun (bətndə) daşınma və süddən ayrılması otuz ay çəkir. Nəhayət, o, güc və inkişafın yüksək həddinə yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, ata və anama bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün kömək et, övladlarımı da əməlisaleh et. Mən Sənə doğru qayıdıram. Mən müsəlmanlardanam!” Belələri, əməllərinin ən yaxşısını qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və Cənnət əhli içərisinə daxil edəcəyimiz şəxslərdir. Bu, onlara verilmiş doğru vəddir. Kimisi də ata-anasına: “Off sizin əlinizdən! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, Qiyamət günü siz mənim çıxarılacağımı vəd edirsiniz?” – deyər. Onlar fəryad qoparıb Allahdan sürəkli yardım diləyəcək və deyəcəklər: “Vay sənin halına! İman gətir, Allahın vədi haqdır!” O isə deyəcək: “Bunlar keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!” Belələri o kəslərdir ki, onların əzab fərmanı onlardan əvvəl gəlib-getmiş cin və insanlardan olan qövmlərlə birlikdə gerçəkləşmişdir. Çünki onlar hamısı ziyana uğrayanlardır. Allahın onlara əməllərinin əvəzini tam verməsi və heç bir haqsızlıq etməməsi üçün onların hər birinin etdiyi əməllərə görə dərəcələri vardır. Kafirlər odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizdən istifadə edib zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və günah etdiyinizə görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” ————————————————————————————– Ey insan, ata və anana yaxşılıq et: Bu ayədə bütün insanlara ata və analarına yaxşılıq etmələri tövsiyə edilir, stimul vermək üçün ananın hamiləlik, hamiləlikdən azad olma və süd verdiyi dövrlərin çətinlikləri xatırladılır. Ayədə “otuz ay” deməklə hamiləlik müddətinin minimum həddinə – altı ay və üstə gəl, süd vermə müddətinin maksimum həddi olan iki illik dövrə işarə edilmişdir. Hamiləliyinin altı ayında azad olan xanımlara, dünyaya gələn uşağın da sağlam olmasına çox təsadüf edilmişdir.[17] Hər halda qadın minimum otuz ay ərzində böyük fədakarlıq göstərib övladı üçün çox çətinliklərə dözür. Nütfənin tutduğu ilk günlərdən başlayaraq ananın vəziyyəti dəyişir, çətinliklər bir-birini əvəzləməyə başlayır. Döl böyüdükcə ananın canının şirəsini daha çox tükədir, hətta əsəblərinə və sümüklərinə təsir göstərir, tez-tez ananın yuxusunu, yeməyini, istirahətini, rahatlığını əlindən alır, hamiləliyin son dövrlərində yerimək, hətta oturmaq və durmaq onun üçün çətinləşir. Ancaq ana səbir edir, yüksək sevgi ilə onu dünyaya gətirir. Uşaq tezliklə gözünü açıb anasının üzünə gülümsəyən kimi hamiləliyin bütün çətinlikləri yadından çıxır. Hamiləlik dövrü ananın həyatının ən çətin dövrlərindən biridir. Hətta bəzən elə olur ki, ana canını övladına tapşırır. Hər halda bu ağır yük yerə qoyulduqdan sonra onun digər çətin dövrü başlayır. Bu dövrdə ana gecə-gündüz övladını gözdən qoymamalıdır. Bu, elə bir dövrdür ki, ana heç bir ehtiyacını deyə biləcək gücdə olmayan körpəsinin bütün ehtiyaclarını ödəməlidir. Bu mərhələdə körpənin ağrısı olduqda ağrıyan yerini göstərə bilmir, aclıq, susuzluq, isti və soyuqdan əziyyət çəkdikdə dərdini dilə gətirib deyə bilmir, əlindən gəldiyi şey yalnız ağlamaqdır. Ana ayıqlıq, səbir və hövsələ göstərib körpənin ehtiyaclarını tək-tək təmin etməlidir. Quranın burada ananın çətinliklərindən söz açıb atanın əziyyətlərinə işarə etməməsi atanın mövqeyinin yüksək olmaması ilə bağlı deyil. Sadəcə, ananınm əzabları çox olduğu üçün Allah burada onu daha çox qabartmışdır. Məhz buna görədir ki, hədislərdə də anaya daha çox yer verilmişdir. Ayədə diqqət çəkən məqamlardan biri qırx yaş həddidir. Ümumiyyətlə, bu nüans qırx yaşındakı insanın adətən əqli cəhətdən daha çox kamilləşməsi ilə bağlıdır. Peyğəmbərlərin əksəriyyətinə də peyğəmbərlik vəzifəsi məhz bu yaşda verilmişdir. Hədislərin birində belə deyilir: “Şeytan əlini qırx yaşına çatıb tövbə etməyənin üzünə çəkərək deyir: Heç vaxt nicat tapmayacaq surətə atam qurban.”[18] Zahidlik axirət üçün bir ehtiyatdır: Şübhəsiz ki, Allahın bu dünyadakı nemətlərindən istifadə etmək heç də pis hal deyil. Ən pis cəhət maddi ləzzətlərə batmaq, Allahı xatırlamağı, Qiyaməti unutmaq, dünya nemətlərindən tamamilə qeyd-şərtsiz istifadə, başqalarının hüquqlarını qəsb etməkdir. Bu ifadəyə Quranın yalnız bu ayəsində rast gəlinir. Belə ki, insan bəzən dünya nemətlərinə göz yumur, ya da Allahın buyurduğu əmrləri yerinə yetirmək üçün onlardan ehtiyacı qədər götürür. Belə olan halda həmin nemətləri axirəti üçün azuqə saxlamış olur. Ancaq çox vaxt dördayaqlılar kimi heç bir qeyd-şərtsiz onlardan istifadə edir, hamısını məhv edib dağıdır, axirət azuqəsini darmadağın etməklə yanaşı özü üçün günah xurcunu da hazırlayır. Bir gün möminlərin əmiri İmam Əli (ə) yumşaq çörəklə ciyərdən hazırlanmış bir yemək yeyir. Bu yeməyin üzərindən bir il keçir, ancaq İmam (ə) həmin il ərzində o yeməkdən bir daha yemir. Bir gün oruc olduğu vaxt İmam Həsənə (ə) həmin yeməkdən hazırlamasını istəyir. Həmin yeməklə iftarını açmaq istədikdə qapıya bir dilənçi gəlir. İmam (ə) buyurur: “Oğlum, bu yeməyi apar ona ver ki, sabah Qiyamətin günündə əməl dəftərimizdən: “Siz dünya həyatınızda pak nemətlərinizdən istifadə edib zövq aldınız”, – cümləsi oxunmasın.”[19] Ad qövmünün qardaşını (Hudu) xatırla! Bir zaman o, Əhqaf diyarında özündən əvvəl yaxın və uzaq keçmişlərdə çoxlu peyğəmbərlərin gəlib: “Allahdan başqasına ibadət etməyin!” – deyə qorxutduğu qövmünə: “Mən sizə üz verəcək böyük günün əzabından qorxuram!” – deyə qorxutmuşdu. Onlar isə demişdilər: “Sən (öz yalanlarınla) bizi məbudlarımızdan döndərməyəmi gəlmisən? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyin əzabı gətir!” Dedi: “Bu haqda bilgi təkcə Allaha məxsusdur. Mən sizə yalnız mənimlə göndəriləni təbliğ edirəm. Lakin mən sizin sürəkli olaraq cəhalət içində qalan bir qövm olduğunuzu görürəm”. Nəhayət onun (əzabın) vadilərinə və su bəndlərinə doğru bir bulud şəklində gəldiyini gördükdə (sevinc içində): “Bu, bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Ancaq onlara deyildi:) “Xeyr! Bu, gəlməsinə tələsdiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir! O, öz Rəbbinin əmri ilə hər şeyi yerlə-yeksan edəcəkdir!” Onlar evlərindən başqa heç bir şeyin gözə dəymədiyi bir halda səhəri açdılar. Biz günahkar adamları belə cəzalandırırıq. Sizə vermədiyimiz qüdrəti Biz onlara vermişdik. Onlara qulaq, göz və qəlb vermişdik. Lakin (əzab nazil olanda) nə qulaqları, nə gözləri, nə də qəlblərinin onlara heç bir faydası olmadı. Çünki onlar Allahın ayələrini inkar edirdilər. İstehza edib ələ saldıqları onları yaxaladı. Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Ayələrimizi onlara müxtəlif formalarda izah etdik ki, bəlkə dönələr. Bəs nəyə görə Allaha yaxınlaşdıracağını güman edərək seçdikləri məbudlar onlara kömək etmədi? Əksinə, onlardan uzaqlaşıb yox oldular. Bu, onların iftiraları və uydurmalarının nəticəsidir. ——————————————————————————— Əhqaf diyarı: “Əhqaf” küləklərin əsməsi nəticəsində səhralarda əyri-üyrü düzbucaqlı şəklində bir-birinin üzərinə qalaqlanmış çınqıllara (qumsal təpələrə) deyilir. Deməli, Ad qövmünün məskunlaşdığı ərazi qumsal yer olmuşdur. Bu ərazinin harada yerləşməsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür. Bu mülahizələr arasında daha ağlabatanı Ərəbistan yarımadasının cənubu, Yəmən yaxınlığında bir ərazidir.[20] 24-25. Ad qövmünə göndərilən əzabla bağlı bəzi nüanslar: Təfsirçilərin yazdığına görə, onların məskunlaşdığı ərazilərə uzun müddət yağış yağmır, nəticədə, hava isti, quru və boğucu vəziyyət alır. Ad qövmü uzaq üfüqlərdən onların səmasına doğru iri və qara buludların gəldiyini görüb çox sevinir, onları qarşılamağa tələsir, bərəkətli yağışın yağmasına tamaşa edib ruhlarını təzələmək üçün vadilərin, arxların ətrafına toplaşır. Ancaq onlara bunun yağış olmadığı, gəlməsinə tələsdikləri həmin vəd olunan əzab olduğu xəbər verilir. Nəhayət, dağıdıcı tufan qopur, onların özlərini və mallarını məhv edir, cəsədlərini və mallarını uzaq-uzaq səhralara və dəniz sahillərinə səpələyir. Deyilənlərə görə onlar bir də toz-torpaqlı tufan onların ərazilərinə çatıb heyvanları, çobanları, onların çadırlarını havaya qaldıranda ayılırlar. Tufan onları o qədər yüksəyə qaldırır ki, havada sanki çəyirtkə sürüsünü xatırladırlar. Onlar bu səhnəni gördükdə evlərinə qaçıb qapılarını bağlayırlar. Amma külək qapıları yerindən qoparır, onların özlərini havaya qaldırıb ya yerə çırpır, ya da özü ilə uzaqlara aparır, meyitlərinin üstünü qum təpələri ilə örtür. Allah-taala “Haqqə” surəsinin 7-ci ayəsində belə buyurur: “Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Əgər sən orada olsaydın,) o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.” Onlar qum təpələrinin altında durmadan nalə çəkib inildəyirdilər. Allah külək əsdirib qumları kənara çəkir, yenidən bədənləri aşkara çıxır, onları götürüb dənizə tökür.[21] Sizin ətrafınızdakı şəhərləri məhv etmək: Allah Məkkə ətrafında məskunlaşmış, naşükürlük və nankorluq etdiklərinə görə əzaba düçar olmuş bir neçə qövmü xatırladır. Ad qövmü Ərəbistan yarımadasının cənubunda Əhqaf ərazisində, Səmud qövmü yarımadanın şimalında Hicr adlı ərazidə, Səba qövmü Yəməndə, Lut qövmü onların Şam istiqamətində olan yolları üzərində, Şüeybin qövmü Mədyəndə yaşayırdı. Şüeybin qövmü də çoxlu günah və nankorluq etdiyi üçün müxtəlif əzablara düçar olmuşdu.[22]   Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Gəlib çatdıqdan sonra bir-birinə: “Susun və dinləyin!” – dedilər. (Quran oxunub) qurtardıqdan sonra isə öz tayfalarının yanına qayıdıb onları xəbərdar etdilər. Dedilər: “Ey qövmümüz! Biz, Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiqləyən, haqqa və düz yola yönəldən bir kitab dinlədik! Ey qövmümüz! Allaha doğru dəvət edəni qəbul edin və ona iman gətirin ki, günahlarınızı bağışlasın və sizi ağrılı-acılı əzabdan qurtarsın!” Allaha doğru dəvət edəni qəbul etməyən şəxs yer üzündə Allahın əzabından yaxa qurtara bilməz və Allahdan başqa onun yar-yoldaşı da olmaz. Bu cür adamlar aşkar azğınlıq içindədirlər. Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla zəifləməyən Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlər? Bəli, O, hər şeyə qadirdir. Kafirlərə odun qarşısına gətirilib: “Məgər bu, həqiqət deyilmi?” – (deyiləcəyi), onların: “Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir!)” – deyə cavab verəcəkləri, (Allahın da): “Küfr etdiyinizə görə dadın əzabı!” – deyə xitab edəcəyi günü xatırla! Sən ulul-əzm peyğəmbərlər səbir etdikləri kimi səbirli ol! Onlar üçün (əzab istəməyə) tələsmə. Onlara vəd olunanları gördükdə (dünyada) günün yalnız bir saatı qədər qaldıqlarını sanacaqlar. Bu, hamıya ünvanlanmış bir elandır. Heç fasiq adamlardan başqası məhv olarmı? —————————————————————————————- 29-32. Cin tayfası iman gətirir: Bu ayənin nazil olma səbəbi ilə bağlı müxtəlif hədislər mövcuddur. Hədislərin birində belə qeyd edilir: Allah rəsulu (s) insanları İslama dəvət etmək məqsədilə Zeyd ibn Harisə ilə birlikdə Məkkədən Taifin Ukaz bazarına gəlir. Ancaq heç kəs onun çağırışını qəbul etmir. Əlacsız qalan Peyğəmbər (s) Məkkəyə qayıdır, “Cin vadisi” adlanan yerə çatdıqda gecənin qaranlığında Quran oxumağa başlayır. Həmin vaxt oradan bir dəstə cin keçirmiş. Peyğəmbərin (s) Quran oxuduğunu görüb ona qulaq asır, bir-birinə: “Susun!” deyirlər. Peyğəmbər (s) Quranı oxuyub başa vurduqdan sonra onlar iman gətirir, bu həqiqəti öz tayfalarına çatdırmaq üçün tayfalarına doğru yollanır və onları İslama dəvət edirlər. Bu çağırışı müsbət qarşılayan bir dəstə cin iman gətirir və təbliğatçılara qoşulub Peyğəmbərin (s) yanına gəlir. Peyğəmbər (s) İslam dinini onlara öyrədir. Bu ayələr və “Cinn” surəsi də məhz elə burada nazil olur. Bu ayədə diqqət çəkən məqamlardan biri təbliğatçı cinlərin öz tayfaları arasında tətbiq etdikləri metoddur. Onlar Peyğəmbərin (s) yanına gəldikdən, Quranı eşitdikdən və onun mahiyyətini dərk etdikdən sonra sürətlə öz tayfalarının yanına gedib İslamı təbliğ edirlər. Öncə Quranın haqq olduğunu söyləyib iddialarını üç dəlillə sübuta yetirir, sonra onları bu dinə həvəsləndirir, sonda isə axirət əzabından xilas olmanın yeganə yolunun dünyanın keçici dəyərlərindənsə axirətin həqiqi dəyərlərinə və məada daha çox əhəmiyyət verən bu səmavi kitab olduğunu söyləyirlər. Üçüncü mərhələdə imanı tərk etmənin təhlükələrini onlara xatırladır, dəlil-sübutlar gətirərək canıyananlıqla onları xəbərdar edir, bu yoldan sapmanın sonunun aşkar azğınlıq olduğunu bəyan edirlər. Şübhəsiz ki, bu metod hər kəsə və hər topluma təsir edə biləcək bir metoddur.[23] Ulul-əzm peyğəmbərlər: Bu ayədə “ulul-əzm” deyilərkən hansı peyğəmbərlərin nəzərdə tutulması ilə bağlı müxtəlif fikirlər söylənilmişdir. “Əzm” sözünün mənası möhkəm və sarsılmaz iradə deməkdir. Deməli, ulul-əzm möhkəm və sarsılmaz iradəsi olana deyilir. Yeni şəriət və yeni ayin sahibi olan peyğəmbərlər daha böyük çətinliklərlə qarşılaşdıqları üçün onlara daha möhkəm iradə və əzmkarlıq lazımdır. Buna görə də onlara əzm sahibi olan peyğəmbərlər deyilmişdir. Sözügedən bu ayədə də həmin mənaya işarə edilmişdir. Ayə və hədislərə əsasən ulul-əzm peyğəmbərlər bunlardır: Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə), Mühəmməd (s). İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Peyğəmbər və elçilərin ən böyükləri beş nəfərdir. Onlar ulul-əzm peyğəmbərlərdir. Peyğəmbərlik və nəbilik dəyirmanın çarxı onların varlığının ətrafında fırlanır. Onlar Nuh, İbrahim, Musa, İsa və Mühəmməddir (hamısına salam olsun).” Bu peyğəmbərlərin, xüsusilə İslam peyğəmbərinin həyatı onların güclü tufanlar, əzab-əziyyətli hadisələr, güc tükədən problemlər qarşısında hədsiz dərəcədə dözümlü olduğunu göstərir. Haqq yol hər zaman problem və çətinliklərlə müşayiət olunduğu üçün haqq yolunun yolçuları öz fəaliyyətlərində onlardan ilham almalıdırlar. Biz adətən, keçmiş xalqların qaranlıq günlərinə İslam tarixinin parlaq nöqtəsindən boylanırıq. Gələcəkdən keçmişə istiqamətlənən bu baxış gerçəkləri bizə başqa cür göstərir. O günləri daha yaxından hiss etmək üçün özümüzü həmin gündə təsəvvür etməliyik, peyğəmbər tək-tənha olmuşdu, hətta ən yaxın qohumları belə, ona qarşı mübarizə aparanların ön sırasında yer almışdılar, iqtisadi, siyasi və ictimai cəhətdən onu elə mühasirəyə almışdılar ki, bütün yollar onun və yoldaşlarının üzünə bağlanmışdı. Bəziləri aclıqdan həlak olmuş, bəzilərini xəstəlik əldən salmışdı. Peyğəmbərin (s) sayca az olan yoldaşlarına işkəncə verir, onu fiziki və mənəvi cəhətdən incidirdilər. Hətta özünü qətlə yetirəcək həddə gəlmişdilər, sehrbaz, dəli və şair deyə çağırır, İslamı məhv etmək üçün əllərindən gələn heç nəyi əsirgəmirdilər. Ancaq bütün bunlara baxmayaraq, Peyğəmbər (s) əzmkarlıq və dözümlülük göstərirdi. Nəhayət, bu əzmkarlıq və dözümün şirin meyvəsini dadmış, dini təkcə Ərəbistan yarımadasını deyil, bütün Şərq və Qərbi bürümüşdü. Bu gün qələbə çağırışı olan azan səsi dünyanın dörd bir tərəfində, bütün qitələrdə eşidilir. “Sən ulul-əzm peyğəmbərlər səbir etdikləri kimi səbirli ol!” cümləsinin mənası məhz budur.[24] [1] Nümunə, c.21, səh.223 [2] Nümunə, c.21, səh.229 [3] Nümunə, c.21, səh.240 [4] Əl-Mizan, c.18, səh.167 [5] Nümunə, c.21, səh.253 [6] Nümunə, c.21, səh.258 [7] Nümunə, c.21, səh.279 [8] Nümunə, c.21, səh.280 [9] Nümunə, c.21, səh.288 [10] Nümunə, c.21, səh.295 [11] Nümunə, c.21, səh.302 [12] Pəyame-Quran, c3, səh.199 [13] Nümunə, c.21, səh.302 [14] Nümunə, c.21, səh.310 [15] Nümunə, c.21, səh.313 [16] Nümunə, c.21, səh.317 [17] Əl-Mizan, c.18, səh.205 [18] Nümunə, c.21, səh.326 [19] Nümunə, c.21, səh.346 [20] Nümunə, c.21, səh.351 [21] Nümunə, c.21, səh.355 [22] Nümunə, c.21, səh.361 [23] Nümunə, c.21, səh.365 [24] Nümunə, c.21, səh.377

QURANI KƏRIM 14.02.2025

“Duxan” surəsi

“Duxan” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim! And olsun bu aydınlaşdırıcı kitaba! Biz onu bərəkətli bir gecədə nazil etdik. Biz hər zaman qorxudan olmuşuq. O gecədə hər bir iş hikmət üzrə ayırd edilir – (Quranın nazil edilməsi) Allah tərəfindən verilən bir əmr olmuşdur. Biz (Mühəmmədi) göndərdik – Bunlar hamısı sənin eşidən və bilən Rəbbinin mərhəmətindəndir. Əgər əminliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir. Ondan başqa məbud yoxdur, dirildir və öldürür, sizin və əcdadlarınızın Rəbbidir. Lakin onlar şəkk-şübhə içindədirlər, (həqiqətlərlə) əylənirlər. Sən göydən aşkar bir tüstü peyda olacağı günü gözlə. O tüstü bütün insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır. (Onlar deyəcəklər:) “Ey Rəbbimiz! Əzabı bizdən uzaq et ki, iman gətirək”. Onlar necə öyüd-nəsihət dinləyə bilərlər ki, açıq-aşkar bir Peyğəmbər gəldiyi halda, ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!” – dedilər. Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə öz işlərinizə qayıdacaqsınız. Onları böyük bir müsibətlə yaxalayacağımız gün (onlardan intiqam alacağıq). Biz intiqam alanıq. Biz onlardan əvvəl Fironun qövmünü da sınadıq. Onlara möhtərəm bir elçi gəldi. (Onlara dedi): “Allah bəndələrinin işlərini mənə həvalə edin ki, mən sizin üçün etibarlı bir elçiyəm. —————————————————————————————– “Duxan” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə yeddi hissəyə bölmək olar: 1. Quranın əzəməti və onun Qədr gecəsində nazil olması; 2. Allahın təkliyi və varlıq aləmində Onun böyüklüyünü göstərən bəzi nişanələr; 3. Kafirlərin aqibəti və onlara verilən müxtəlif əzablar; 4. Musa (ə) və İsrail oğullarının Firon tərəfdarlarına qarşı mübarizəsi, Firon tərəfdarlarının məğlubiyyəti və məhvi; 5. Qiyamət, Cəhənnəm sakinlərinin ağrılı-acılı əzabları, təqvalıların ruh oxşayan mükafatları; 6. Yaradılışın məqsədi, göy və yerin yaradılışının əbəs olmaması; 7. Quranın əzəmətinin yenidən bəyan edilməsi.[1] 3-5. Quranın bərəkətli bir gecədə nazil olması: Tükənməz xeyirlərin və daimi yaxşılıqların mənşəyi olan gecə hansıdır? Təfsirçilərin əksəriyyəti bu gecənin Qədr gecəsi olduğunu bildirmişlər. Bu gecə insanların bir illik müqəddəratının təyin edildiyi bərəkətli gecədir. Quran talelərin həll olunduğu bir gecədə Peyğəmbərin (s) pak qəlbinə nazil olmuşdur. Qeyd etmək yerinə düşər ki, Quranın insanların müqəddəratının həll olunduğu, ruzilərinin, nemətlərinin təyin olunduğu Qədr gecəsində nazil olması bu ayələrdə ötəri, “Qədr” surəsində isə açıq şəkildə bəyan edilmişdir. Bu ayələrdən belə başa düşülür ki, bizim müqəddəratımızın və taleyimizin Quranın məzmunu ilə sıx əlaqəsi var. Təkcə mənəvi deyil, maddi həyatımızın da bu kitabla qırılmaz əlaqəsi var. Bəli, Quran məhz müqəddəratların təyin edildiyi gecə nazil edilmişdir.[2] 10-16. Göydə aşkar bir tüstünün peyda olması: Bu ayələrdə əzab nişanəsi kimi təqdim edilən tüstü ilə nəyə işarə edilməsi təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Ancaq ayələr və hədislərdə qeyd edilənlərə əsasən, burada dünyanın sonu və Qiyamətin başlanğıcında göy üzünü bürüyəcək, dünyanın sonunun çatdığını, zalımlara şiddətli əzablar veriləcəyindən xəbər verən qatı tüstüdən danışıldığını deyə bilərik. Bu izahın yeganə problemi onun 15-ci ayə ilə düz gəlməməsidir. Çünki dünyanın sonu və ya Qiyamət günü Allahın əzabı yüngülləşməyəcək, nəticədə də insanlar yenidən öz günahlarına dönməyəcəklər. Əgər biz bu cümləni şərt budaq cümləsi kimi götürsək, o zaman problem öz həllini tapar. Bu zaman ayənin mənası belə olur: Əgər əzabı bir az sizdən uzaqlaşdırsaq, yenidən əvvəlki yolunuzu tutacaqsınız. Bu zaman ayə “Ənam” surəsinin 28-ci ayəsi ilə eyni məzmuna malik olacaq. Həmin ayədə Allah-taala belə buyurur: “Əgər qayıtsalar, yenidən qadağan olunduqları əməllərə dönəcəklər.” İkinci izahı Peyğəmbər (s) və Əhli-beyt imamlarından (ə) nəql edilən hədislər də təsdiq edir. İmam Əli (ə) Peyğəmbərə (s) istinad etdiyi bir hədisdə belə buyur: “Qiyamətdən əvvəl on əlamət görünəcək: Süfyani, Dəccal, Dabbətül-ərz, həzrət Mehdinin (ə) qiyamı, Günəşin qərbdən çıxması, həzrət İsanın (ə) enməsi, Şərqdə dağıdıcı zəlzələ, Ərəb yarmadasında oxşar zəlzələ, Ədnin dərinliklərindən yüksəlib insanları Məhşərə qovan od.”[3]   Allah qarşısında özünüzü yuxarı tutmayın. Mən sizə aydın bir sübut gətirmişəm. Mən sizin məni ittiham və daşqalaq etməyinizdən həm mənim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram. Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!” Sonra o, Rəbbinə dedi: “Bunlar günahkar adamlardır!” (Allah ona:) “Gecə bəndələrimi yola çıxart. Çünki siz təqib olunursunuz!”( – deyə göstəriş verdi). (Keçdikdən sonra) dənizi də sakit və açıq burax! Onlar suda batırılacaq bir qoşun olacaqlar!” Onlar özlərindən sonra neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; əkinlər, möhtəşəm yerlər və içində qərq olduqları çoxlu nemətləri. Bax belə oldu! Biz başqalarını onların (mal və mülklərinin) varisi etdik. Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi. İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq – təkəbbürlü və həddi aşan Firondan. Biz onları (İsrail oğullarını) öz elmimizlə aləmlərdən üstün tutduq. Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik. Bunlar deyəcəklər: “Bizim ölümümüz təkcə birinci ölümdür. Biz heç vaxt dirildilməyəcəyik. Əgər doğru deyirsinizsə, onda atalarımızı gətirin!” Bunlar yaxşıdır, yoxsa Tubbə qövmü və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar idilər. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün (və əbəs yerə) yaratmadıq. Bu ikisini haqq-həqiqət olaraq yaratdıq, lakin çoxları bilmir. ————————————————————————————– 25-29. Nemətə nankorluq nemətin qarşısını alır: Bir gün möminlərin əmiri İmam Əli (ə) Mədainin yaxınlığından keçirmiş, dağılmaqda olan Kəsra (Ənuşirəvan və digər Sasani şahlarının) abidələrinə baxır. Yanındakı şəxs ibrətamiz bir şeir deyir. Həmin şeirin tərcüməsi belədir: “Küləklər onların ölkəsinin qalan qalıqları üzərinə əsdi. Sanki onların hamısının bir vəd olunan yeri var idi və həmin vəd olunan yerə doğru tələsdilər.” İmam Əli (ə) buyurur: “Nə üçün bu ayələri söyləmədin?” Sonra bu bu ayələri buyurur: “Bunlar (başqalarının malına və hökumətlərinə) varislər idilər. Ancaq (başqalarına) miras etdilər. Nemətə görə şükr etmədilər. Dünyaları itaətsilik göstərdiklərinə görə onlardan alındı. Nemətə nankorluq etməkdən çəkinin ki, Allahın qəzəbi sizi yaxalamasın.”[4] İsrail oğullarının üstünlüyü onlar üçün böyük bir sınaqdır: Bu ayədə əslində, İsrail oğullarının yalnız öz dövrlərinin seçilmiş ümməti olduğu buyurulmuşdur. Çünki “Ali-İmran” surəsinin 110-cu ayəsində Allah-taala İslam ümmətinin yaxşı işlər görməyi əmr etdikləri və pis əməlləri qadağan etdiklərini qeyd edərək onun ən üstün ümmət olduğunu buyurmuşdur. Bəzi təfsirçilər İsrail oğullarının yalnız onların özlərinə xas olan spesifik xüsusiyyətləri olduğunu bildirmişlər. Onlara çoxlu sayda peyğəmbər göndərilməsi də bu xüsusiyyətlərdəndir. Heç bir xalqa bu qədər peyğəmbər göndərilməmişdir. Əslində bu, heç də üstünlük sayıla bilməz. Çünki peyğəmbərlərin çoxluğu bu xalqın həddən artıq itaətsizlik göstərən bir xalq olması ilə bağlı ola bilər. Musa peyğəmbərin (ə) qiyamından sonra baş vermiş müxtəlif hadisələr onların Allahın böyük peyğəmbəri ilə necə davrandığını göstərir. Bu xalqın inadkar olduğunu, Quranın buyurduğu ilə davamlı olaraq öz peyğəmbərlərini incitdiyini, Allahın hökmləri qarşısında inadkarlıq və təəssübkeşlik nümayiş etdirdiyini, hətta Nili keçib xilas olduqdan dərhal sonra Musaya (ə) bütpərəstlik təklif etdiyini nəzərə alsaq, deməliyik ki, sözügedən ayədə qeyd olunan üstünlük ifadəsi onlar üçün imtiyaz deyil, başqa bir həqiqəti ifadə edir. Ayənin çatdırmaq istədiyi məna belə ola bilər: Onların Allahın bəxş etdiyi nemətlərdən sui-istifadə edəcəyini bildiyimizə baxmayaraq, Biz onlara üstünlük verdik. Bunu onları sınaqdan keçirmək üçün etdik. Sonrakı ayədə Allahın sınamaq üçün onlara başqa nemətlər də verdiyi buyurulmuşdur. Deməli, Allahın seçimi onlar üçün nəinki üstünlük, əksinə bir məzəmmətdir. Çünki onlar bu nemətə layiq olmadılar və sınaqdan keçmədilər.[5] Tubbə qövmü: “Tubbə” Yəmən şahlarının ümumi ləqəbidir. Quranın bu ayəsində bəzi hədislərdə adı Əsəd Əbukərb kimi qeyd edilən Yəmən şahlarından birindən söz açılır. Bir qrup təfsirçi onun haqq axtaran və mönin kişi olduğunu yazmış, ayədəki “Tubbə qövmü” ifadəsini də buna sübut gətirmişdir. Çünki ayədə onun özü deyil, qövmü məzəmmət edilmişdir. İmam Sadiq (ə) belə buyurmuşdur: “Tubbə Ovs və Xəzrəc qəbilələrinə dedi: Siz burada İslam peyğəmbəri (s) gələnə qədər qalın. Əgər mən onu görsəydim, onun xidmətində durar və onunla qiyam edərdim.” Bəziləri yazır ki, Tubbə Hindistana qoşun yürütmüş, həmin regionun bütün ölkələrini fəth etmiş Yəmən şahlarından biri olmuşdur. Fəthlərinin birində o, Məkkəyə girmiş, Məkkəni viran qoymaq istədiyi vaxt qəfildən xəstələnmişdir. Tubbənin qoşununda başçıları Şamul adlı bir şəxs olan bir dəstə həkim də olmuşdu. Həmin həkim ona: “Sənin xəstəliyinin səbəbi Kəbəni uçurmaq niyyətidir. Əgər bu fikrindən daşınıb bağışlanma diləsən, şəfa taparsan”, – deyə məsləhət vermişdi. Tubbə qərarından dönmüş, Kəbəyə ehtiram göstərəcəyini söz vermişdir. Sağaldıqdan sonra Kəbənin üzərinə qiymətli Yəmən parçasından örtük atmışdır.[6] Ayrılıq günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır. O gün dostun-dosta heç bir faydası dəyməyəcək, onlara heç yerdən köməklik göstərilməyəcək. Allahın rəhm etdiyi adamlar istisnadır! O, qüdrətlidir, rəhmlidir. Heç şübhəsiz zəqqum ağacı günahkarların yeməyidir. Əridilmiş dəmir kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. (Sonra Cəhənnəm məmurlarına əmr edilər:) Onu tutub Cəhənnəmin ortasına atın! Sonra başına qaynar əzab yağdırın! (Ona deyilər:) Dad (bu əzabı! Öz xəyalında) sən qüdrətli və möhtərəm idin. Bu, sizin daim tərəddüdlə yanaşdığınız həqiqətdir! Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə olacaqlar – bağçalarda və çeşmələr başında! Qalın və nazik ipək parçadan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. Cənnət sakinləri belədir! Üstəlik onları iri, qaragözlü hurilərlə evləndirəcəyik. Onlar orada hansı növ meyvə istəsələr, ixtiyarlarında olacaq, son dərəcə əmin-amanlıq içində olacaqlar. Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qoruyar. Bu sənin Rəbbin tərəfindən bir lütfkarlıq, bir hədiyyədir. Böyük uğur məhz budur. Biz bunu (Quranı) sənin dilində asanlaşdırdıq ki, bəlkə onlar xatırlasınlar. Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər. ————————————————————————————- Dad! Sən qüdrətli və möhtərəm idin: Əvvəlki ayələrdə Cəhənnəm sakinlərinə veriləcək fiziki əzabların bir neçəsinə işarə edilmişdir. Nəzər nöqtəsi olan ayədə isə onlara veriləvək psixoloji əzablardan birinə işarə edilir. Cəhənnəm sakinlərinə belə xitab ediləcək: “Dad (bu əzabı! Öz xəyalında) sən qüdrətli və möhtərəm idin.” Yoxsul və acizləri zəncirləyən, onlara qarşı zülm və haqsızlıq edən, eyni zamanda özünü qalib və möhtərəm bir adam hesab edirdin. Bu təkəbbürünlə istənilən cinayətə əl atırdın. İndi əzab şəklində təcəssüm edən əməllərinin nəticəsini dad. İnsanların cismini və canını yandırdığın kimi, indi də sənin için və çölün Allahın qəzəb odunda yanır. Bir gün Peyğəmbər (s) Əbu Cəhlin əlindən tutub buyurur: “Vay olsun sənə, ay Əbu Cəhl! Vay olsun sənə!” Əbu Cəhl deyir: Məni nə ilə təhdid edirsən? Nə sən, nə də sənin sahibin mənə heç nə edə bilməz. Bu yerlərdə məndən qüdrətli və hörmətli adam yoxdur. Bu ayədə həmin hadisəyə işarə edilmişdir. Ayəyə əsasən onu Cəhənnəm oduna atdıqdan sonra deyəcəklər: Dad! Ey qüdrətli və möhtərəm![7] İri, qara gözlü hurilər: Həyatda insana rahatlıq, ünsiyyət və fərəh bəxş edən vasitələrdən biri münasib və hər cəhətdən kamallı olan bir həyat yoldaşının olmasıdır. Qadın və kişi olmasından asılı olmayaraq, belə bir həyat yoldaşının olması çətinlikləri insana asan edər, ona sevinc, fərəh, şirinlik, şadlıq bəxş edər. Belə bir həyat yoldaşının olmaması və ya uyğun olmayan bir həyat yoldaşının olması bütün digər vasitələrin olmasına baxmayaraq, həyatın şirin dadının ağızda acı olması üçün kifayət edər. Başqa sözlə desək, münasib, ağıllı-kamallı, mehriban və lütfkar həyat yoldaşı təkcə fiziki rahatlıq deyil, həm də psixoloji rahatlıq mənbəyidir. Quranın ayrı-ayrı ayələrində Cənnətin müxtəlif nemətlərindən danışılarkən bu nüansa diqqət yetirilmiş, bu haqda maraqlı ifadələr işlədilmişdir. Quranın bir neçə yerində Cənnətdəki həyat yoldaşlarının təsviri “hurul-eyn” (iri, qara gözlü huri) ifadəsi ilə verilmişdir. “Hur” sözü “hura” sözünün cəmidir. “Əhvər” gözünün qarası tamamilə qara, ağı isə tamamilə ağ, şəffaf, parlaq olan insana deyilir. Bu ifadə gözlərin həddən artıq gözəl olduğunu göstərir. Bəziləri bu ifadəni bədənin ağlığı kimi də izah etmişlər. Ola bilər ki, bu ifadə ilə həm gözlərin, həm də bədənin gözəlliyinə işarə edilib. “Eyn” sözü “ə’yən” və “əyna” sözlərinin cəmidir, mənası iri deməkdir. Bu ifadə iri, cazibədar və gözəl gözləri olan şəxs haqqında işlədilir. Quranın bu nöqtəyə xüsusi önəm verməsi insanın gözəlliyinin hər şeydən əvvəl və hər şeydən çox onun gözləri ilə ölçülməsi ilə bağlıdır. Sözügedən ifadə, əslində, cismin və ruhun gözəlliyini simvolizə edir. Bir məsələyə də diqqət yetirməliyik ki, həm “hur”, həm də “eyn” sözü həm qadın, həm də kişi cinsinə aid olur. Buna görə də daha geniş məna ifadə edərək, Cənnətdəki bütün həyat yoldaşlarına şamil olur. Möminə qadınlara da gözəl həyat yoldaşları, mömin kişilərə də gözəl həyat yoldaşları lütf ediləcək.[8] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Əgər Cənnət hurilərindən biri dünyadakı insanlara baxsa və bir telini onlara göstərsə, bütün insanları namaz qılanın namaz halında keçirdiyi həyəcan hissi bürüyər. Əgər Allaha huri ilə evlənmək istəmədiyini desə, onlar: “Bu adam bizə qarşı nə qədər rəğbətsizdir!” – deyərlər.”[9] İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Cənnət sakinləri evlilikdən aldıqları zövq və ləzzət qədər heç nədən, hətta Cənnətin yeməkləri və içkilərindən ləzzət almazar.” Burada cismin ən çox ləzzət aldığı nemət nəzərdə tutulmuşdur. Çünki ayə və hədislərdə qəlb hüzuru, Allaha yaxınlıq, Allahın Cənnət sakinlərindən razılığının bütün digər nemətlərdən üstün və ləzzətli olduğu buyurulmuşdur.[10] [1] Nümunə, c.21, səh.143 [2] Nümunə, c.21, səh.147 və 156 [3] Nümunə, c.21, səh.163 [4] Səfinətül-bihar, c.8, səh.44 [5] Nümunə, c.21, səh.184 [6] Nümunə, c.21, səh.194 [7] Nümunə, c.21, səh.205 [8] Pəyame-Quran, c.6, səh.259 [9] Vəsailüş-şiə, c.6, səh.466 [10] Əl-Mizan, c.3, səh.136

QURANI KƏRIM 14.02.2025

“Zuxruf” surəsi

“Zuxruf” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim! Aydınlaşdıran kitaba and olsun! Biz onu ərəbcə və fəsih bir Quran etdik ki, bəlkə siz dərk edəsiniz. O, yanımızdakı “ana kitabda” (lövhi-məhfuzda) ucadır, möhkəmdir. Siz həddi aşan adamlar olduğunuza görə, Biz bu zikri sizə çatdırmaqdan imtina etməliyik? Əvvəlki ümmətlərə də neçə-neçə peyğəmbərlər göndərdik. Ancaq onlara elə bir peyğəmbər gəlmədi ki, onu məsxərəyə qoymasınlar. Biz onlardan daha qüvvətli olanları məhv etdik. Əvvəlkilərin əhvalatına son qoyuldu. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq, deyəcəklər: “Onları qüdrətli və (hər şeyi) bilən Allah yaratmışdır!” – Yeri sizin üçün rahatlıq məkanı edən və orada sizin üçün yollar salan varlıq. Bəlkə düz yola yönələsiniz. ——————————————————————————— İlahi vəhy: Bənzər cümlə “Ğafir” surəsinin 15-ci ayəsində də mövcuddur. Daha ətraflı məlumat üçün həmin ayəyə baxa bilərsiniz. Sən bundan öncə kitab nədir, iman nədir bilmirdin: Bəzi dardüşüncəlilər bu cümləyə əsaslanaraq Peyğəmbərin (s) peyğəmbərliyə seçilməzdən əvvəl Allaha iman gətirmədiyini iddia edirlər. Halbuki ayənin mənası açıq-aydındır: ayədə “Quran nazil olmazdan əvvəl sən Quranı bilmir, onun məzmun və təlimatlarından xəbərsiz idin, onlara imanın yox idi” deyilir. Bu ifadə Peyğəmbərin (s) tövhid inancı, yüksək biliyi, bəndəlik prinsipləri ilə tanışlığı ilə əsla təzad təşkil etmir. Quranın məzmunundan xəbərsiz olmaq bir şey, Allahı tanımamaq, bu haqda bilgiyə malik olmamaq başqa bir şeydir. Peyğəmbərin (s) bu vəzifəyə seçilməzdən əvvəlki həyatından bəhs edən tarix kitabları da bu mənanı təsdiq edir. İmam Əli (ə) isə bu həqiqəti daha aydın şəkildə ifadə etmişdir: “Allahın elçisi süddən ayrıldığı vaxtdan Allah onun alicənab, gözəl əxlaqi keyfiyyətlərə sahib olaraq böyüməsi üçün ən böyük mələyini gecə-gündüz ona yoldaş etdi.”[1] Eyni mənaya “Zuha” surəsinin 7-ci ayəsində də işarə edilmişdir: “Səni itmiş tapıb yönləndirdi”. Bu ayədə də “zall” sözünün mənası yolunu azmış deyil, peyğəmbərlik və Quranın məzmunundan xəbərsiz olan deməkdir.[2] “Zuxruf” surəsinin ümumi məzmunu: Bu surə ümumilikdə yeddi hissədən ibarətdir: 1. Quranın və Peyğəmbərin (s) peyğəmbərliyinin əhəmiyyəti, nadanların onunla davranışı; 2. Ətraf aləmdə mövcud olan tövhid nişanələri və Allahın insanlara bəxş etdiyi nemətlərin bir qisminin qeyd edilməsi; 3. Şirklə mübarizə Allah haqqında işlədilən xoşagəlməz sözlər və korkoranə təqlidlə mübarizə; 4. Keçmiş peyğəmbərlər, o cümlədən İbrahim (ə), Musa (ə) və İsanın (ə) qövmlərinin tarixindən hissələr; 5. Məad, möminlərin mükafatı və kafirlərin acı taleyi; 6. İmansız düşüncələrə hakim olan yanlış dəyərlər; 7. Surədə qeyd edilən bu bölmələri təkmilləşdirmək və təsirlərini daha da artırmaq üçün dərin məzmunlu nəsihətlər.[3] Yol neməti: Quranda dəfələrlə xatırlanan bu nemət çoxlarının diqqətindən kənarda qalan nemətlərdəndir. Yer kürəsinin quru sahəsini başdan-başa qırışlar, böyük və kiçik dağlar, təpəliklər əhatə etdiyini bilirik. Dünyanın ən böyük dağ silsilələri arasında kəsiklər mövcuddur. İnsan yolunu həmin kəsiklər arasından tapır. Dağların yer kürəsinin ayrı-ayrı hissələri arasında fasilə salmasına az təsadüf edilir. Bu, Allahın yaranış sisteminin sirlərindən və insanlara bəxş etdiyi böyük nemətlərdən biridir. Bundan başqa, yer kürəsinin bir çox hissələri arasındakı əlaqələr dəniz yolları vasitəsilə gerçəkləşir. Ayənin məzmunu bu mənanı da ehtiva edir.[4] O, göydən müəyyən miqdarda su endirdi. Onun vasitəsilə ölü bir diyara həyat bəxş etdik. Siz də (Qiyamətdə qəbirlərinizdən) beləcə çıxarılacaqsınız. O, bütün cütləri yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, onların belində yaxşı qərarlaşasınız. Sonra onlara mindiyiniz zaman Rəbbinizin nemətini xatırlayıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim onu ram etməyə gücümüz çatmazdı. Biz Rəbbimizə doğru qayıdacağıq”. Onlar qullarından bəzisini Allahın bir hissəsi hesab etdilər (Mələkləri Allahın qızları adlandırdılar). İnsan açıq-aydın nankordur. Yoxsa yaratdıqlarından qızları Özünə götürüb oğlanları sizin üçün seçmişdir? Halbuki onlardan birinə, mərhəmətli Allaha aid etdikləri ilə müjdə versələr (sənin qızın olub müjdəsi versələr), üzü qapqara qaralar, qəzəblənər. Zinətlər, bəzək-düzək içində böyüyən və mübahisə zamanı məqsədini aydın ifadə edə bilməyənimi (Allahın qızı hesab edirlər)? Onlar mərhəmətli Allahın qulları olan mələkləri qadın hesab etdilər. Məgər onların yaradılışının şahidi olublar? Onların şahidliyi yazılır və buna görə cavab verməli olacaqlar. Onlar dedilər: “Əgər mərhəmətli Allah istəsəydi, biz onlara ibadət etməzdik!” Onların bu barədə heç bir bilik və əminliyi yoxdur. Onlar ancaq yalan danışarlar. Yoxsa onlara bundan əvvəl kitab vermişik və onlar da ona istinad edirlər? Xeyr! Onlar: “Biz atalarımızı bu dində gördük və biz də onlara tabe olaraq düz yola yönəlmişik!” – deyirlər. ————————————————————————————– Nemətlərdən istifadə edərkən Allahı xatırlamaq: Bu ayədə dəniz və quru nəqliyyatının yaradılışının qeyd edilməsinin iki məqsədə xitmət etdiyi buyurulmuşdur: birincisi, onlara minərkən Allahın nemətlərini xatırlamaq, ikincisi, bunları insana ram edən Allahı tərifləmək. İnsanlar Allahın yardımı ilə gəmiləri elə düzəldirlər ki, onlar dalğaları yara-yara məqsədə doğru irəliləyir. Allah heyvanları insanlara ram etmişdir. Əgər Allahın lütfü olmasaydı, insanlar bu minikləri saxlaya bilməzdilər. Əks küləklər davamlı olaraq gəmiləri çevirər və biz sahilə çıxıb xilas ola bilməzdik. Əgər fiziki cəhətdən insandan qat-qat güclü olan heyvanlara itaətkarlıq ruhu hakim olmasaydı, insanlar hətta onların yaxınına belə gedə bilməzdilər. Belə ki, bəzən onların qəzəbləndiyinin, itaətkar ruhlarının hökmündən çıxdığının, hətta bir neçə nəfərin qarşısını ala bilmədiyi təhlükəli varlıqlara çevrildiyinin şahidi oluruq. Halbuki adi vəziyyətdə bir insan yüzlərlə heyvanı cilovlaya, cilovu istənilən uşağa verə və uşaq onların cilovundan dartıb istədiyi yerə yönləndirə bilir. Quran ayələrində diqqət çəkən maraqlı nüanslardan biri Allahın bəxş etdiyi nemətlərdən istifadə edərkən oxuması üçün insana bəzi dualar öyrədilməsidir. Bu dualar insan ruhunun tərbiyəsində, qürur və qəflətdən xilas olmasında rol oynayır. Ayədə insanlara göstəriş verirlir ki, miniklərə minərkən Allahın nemətlərinə şükür edib Ona təriflər desinlər. İnsan hər bir nemətdən istifadə edərkən həqiqi nemət sahibini xatırlamağa adət edərsə, nə qəflət qaranlığına qərq olar, nə də təkəbbür uçurumuna yuvarlanar, əksinə, maddi nemət onunla Allah arasında körpü rolunu oynayar. Peyğəmbər (s) hər dəfə miniyinə minmək üçün ayağını üzəngiyə qoyarkən “Bismillah”, mindikdən sonra isə “bütün hallarda həmd Allaha məxsusdur. Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim onu ram etməyə gücümüz çatmazdı. Biz Rəbbimizə doğru qayıdacağıq”, – deyə buyurarmış. Bəzi hədislərdə qeyd edilir ki, kim miniyinə minərkən bu ayəni oxuyarsa, Allahın əmri ilə onun atına heç bir at çata bilməz. Allahın tərbiyəvi təlimləri ilə öz miniklərini fəxr, qürur, özlərini göstərmək, bəzən günah vasitəsi kimi istifadə edən təkəbbürlü və nəfsani istəklərinə qul olan insanların düşüncələri çox fərqlidir.[5] 15-19. Nə üçün mələkləri Allahın qızları adlandırırdılar? Bu ayədə mələkləri Allahın qızları və özlərinin məbudları hesab edən müşriklərin cahil inanclarına işarə edilmişdir. Bu xurafatın cahil ərəblər arasında nə üçün meydana gəlməsi və nə üçün onun çöküntülərinin indi də bəzilərinin təfəkküründə qalması, mələklərin qadın və qız şəklində təsvir edilməsi, “azad mələk”- in uzun saçlı qadın simasında təcəssüm etdirilməsi ilə bağlı onu deyə bilərik ki, bu fikir ola bilsin ki, mələklərin adətən, qapalı yaşayan qadınlar kimi gözə görünməməsindən qaynaqlanır. Ərəb dilində bu təfəkkür tərzinin bir sıra nümunəsi var. Belə ki, günəş diski adətən, öz şüaları ilə örtüldüyü üçün ona baxmaq elə də asan deyil. Ancaq ay belə deyil. Buna görə də ərəb dilində günəş məcazi olaraq qadın cinsində, ay isə kişi cinsində işlədilir. Ola bilısin ki, mələklər zərif varlıqlar olduqları üçün qadınlara bənzədilmişdir. İslamın bu təfəkkür tərzinə qarşı bu qədər mübarizə aparmasına baxmayaraq, bu gün də qadınları vəsf edərkən onlara mələk deyilir. Halbuki kişilər haqqında bu ifadə düzgün sayılmır.[6]   Biz səndən əvvəl hansı bir şəhərə (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbər göndərdiksə, onun məst və təkəbbürlü dövlətliləri: “Biz atalarımızı bir dində gördük və onların ənənlərinə də tabe olacağıq!” – dedilər. (Peyğəmbərləri) dedi: “Əgər sizə atalarınızın dinindən daha doğrusunu gətirsəm necə?” Onlar dedilər: “Biz sizinlə göndəriləni inkar edirik”. Buna görə də onlardan intiqam aldıq. Bax gör haqqı yalan sayanların aqibəti necə oldu! Bir zaman İbrahim atasına (əmisi Azərə) və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! O, məni doğru yola yönəldəcəkdir”. O, tövhid kəlməsini özündən sonrakı nəsilər arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə Allaha doğru qayıtsınlar. Haqq və aşkar bir elçi gələnədək Mən bunlardan da, atalarından da dünya nemətlərini əsirgəmədim. Onlara haqq gəldikdə isə: “Bu, sehrdir, biz ondan imtina edirik!” – dedilər. Onlar dedilər: “Nə üçün bu Quran iki şəhərdən (Məkkədən və ya Taifdən) olan böyük (və varlı) bir adama nazil edilmədi?” Onlar sənin Rəbbinin mərhəmətinimi təsnif edirlər? Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Biri digərini öz yanına işçi götürsün (qarşılıqlı yardımlaşsınlar) deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik. Rəbbinin mərhəməti onların bütün topladıqlarından xeyirlidir. Əgər (kafirlərin maddi imkanları) insanların (azğınlıqda) vahid bir ümmətə çevrilməsinə səbəb olmasaydı, mərhəmətli (Allahı) inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları da gümüşdən edərdik; ———————————————————————————— Nə üçün Quran dövlətlilərdən birinə nazil olmayıb? Ayədə müşriklərin əsassız bəhanələrindən birinə işarə edilərək buyurulur: Onlar – nə üçün bu Quran Məkkə və Taif şəhərlərindən olan görkəmli və dövlətli bir kişiyə gəlmədi? – deyə etiraz etdilər. Əlbəttə, bir cəhətdən onların belə bir bəhanəyə əl atmasını başa düşmək olardı. Çünki bu insanların dünyagörüşünə görə insanın dəyər meyarı sərvət, var-dövlət, zahiri mövqe, şöhrət idi. Onlar qəbilənin varlı adamlarının və zalım qocalarının Allah dərgahına ən yaxın adamlar olduğunu düşünürdülər. Buna görə də Allahın böyük nemətinin – peyğəmbərlik missiyasının bu cür insanlardan birinə deyil, əksinə Mühəmməd adlı yetim, yoxsul və kasıb bir adama nazil edilməsinə təəccüblənirdilər. Təbii ki, yanlış dəyərlərin hökm sürdüyü bir sistemdə belə bir qənaətə gəlmək normaldır. Təkcə o dövrdə deyil, bütün dövrlərdə insanların təfəkkür tərzlərindəki yanlışlığın əsas səbəblərindən biri məhz bəzən həqiqətləri tamamilə tərsinə göstərən yanlış dəyər sistemidir. Allahın dəvət missiyasını bütün varlığı təqva ruhu ilə dolmuş, ayıq, iradəli, əzmkar, qərarlı, cəsur, şücaətli, ədalətli, məhrum və məzlum insanların halından xəbərdar olan bir şəxs yerinə yetirməlidir. Səmavi missiyanı daşımaq üçün lazım olan həqiqi dəyərlər gözəl geyimlər, bahalı, təmtəraqlı saraylar, bəzək-düzək əşyaları deyil, məhz yuxarıda sadaladıqlarımızdır. Həqiqi dəyərlərlə yalançı dəyərlər səhv salınmasın deyə, peyğəmbərlərin heç biri yalançı dəyərlərə sahib olmamışlar.[7] Quran bir insanın başqa bir insan tərəfindən işlədilməsini qəbul edirmi? Sualın cavabı ayənin məzmununa diqqət yetirdikdə aydın olur. Bəzi adamlar hesab edirlər ki, bir qrup insan başqa bir qrupu zor gücünə işlədə bilər. Əslində, məsələ heç də qeyd edildiyi kimi deyil. Ayədə insanların ümumilikdə bir-birindən istifadə edə biləçəklərindən danışılır. Hər bir insan özünəməxsus imkan, bacarıq, potensial və hazırlığa malikdir. İnsan yalnız malik olduğu potensial üzrə fəaliyyət göstərə bilir. Nəticədə, fəaliyyət göstərdiyi sahədəki xidmətlərini başqalarının, eyni zamanda qarşı tərəflər də öz xidmətlərini onun ixtiyarına verirlər. Bu da qarşılıqlı xidmət təklifi, ikitərəfli və çoxtərəfli fəaliyyət, qarşılıqlı yardımlaşma adlanır. Belə ki, əgər bütün insanlar mənəvi və fiziki cəhətdən eyni imkanlara malik olsaydılar, sosial sistem yaranmazdı. Bu qaydanı hüceyrələr haqqında da söyləyə bilərik. Əgər insan bədəninin hüceyələri quruluş, incəlik və müqavimət baxımından eyni olsaydılar, insanın fiziki sistemi məhv olardı. Məsələn, ayağın daban sümüyünün çox möhkəm hüceyrələri ilə göz şəbəkəsinin zərif hüceyrələri çox fərqlidir. Bu hüceyrələrin hər biri təyinatları üzrə fəaliyyət göstərir. Ədalətin mənası hər bir şeyin eyni olması, eyni şəraitə malik olması deyil, hər bir şeyin özünə münasib olan yerində olmasıdır. Bəzən insanlar şüar verərkən fərqinə varmadan bərabərlik sözündən istifadə edirlər, ancaq məlumdur ki, əməl mərhələsində fərqləri nəzərə almadan sistem, nizam-intizam yaratmaq qeyri-mümkündür. Əlbəttə, bu fərqlilik bir insanın başqa bir insan tərəfindən istismar edilməsinə bəhanə olmamalıdır. Öz yaradıcı qüvvələrindən isitfadə etməsi, bacarıqlarını çiçəkləndirməsi, fəaliyyətlərinin nəticələrindən bəhrələnməsi, güc və qüdrəti olanların çatışmazlıqların aradan qaldırılmasına çalışması üçün hər kəs azad olmalıdır.[8] evlərinin qapılarını və söykəndikləri taxtları da. Növbənöv zinətlər də (verərdik). Bütün bunlar sadəcə, dünya həyatının (ötəri) ləzzətidir. Axirət isə Rəbbinin yanında ancaq təqvalılara məxsusdur. Kim Allahı xatırlamaqdan üz döndərsə, Biz Şeytanı ona calayarıq və o da hər zaman ona yaxın olar. Şeytanlar onları haqq yoldan sapdıracaq, halbuki onlar özlərinin əsl haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyəcək: “Kaş, mənimlə sənin aranda günçıxanla günbatanın arası qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!” (Ancaq onlara deyəcəyik:) “Siz haqsızlıq etdiyinizə görə bu gün bu danışıqların sizə heç bir faydası yoxdur. Hamınız əzabda ortaqsınız!” Sən sözlərini karlara eşitdirə və ya korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldə bilərsənmi? Əgər səni onların arasından alıb aparsaq, onlardan, mütləq, intiqam alacağıq. Əgər (sağ qalsan və) onlara vəd etdiyimizi sənə göstərsək, Biz onların üzərində hökmranıq. Odur ki, sənə vəhy olunandan möhkəm yapış, çünki sən düz yoldasan. Bu (Quran) sən və sənin xalqın üçün bir xatırladıcı vasitədir. Tezliklə sorğu-sual olunacaqsınız. Səndən əvvəl göndərdiyimiz elçilərdən soruş: Biz mərhəmətli Allahdan başqa ibadət üçün məbudlarmı təyin etdik? Biz Musanı Öz ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik. (Musa onlara) dedi: “Mən aləmlərin Rəbbinin elçisiyəm!” Ayələrimizi onlara gətirəndə onlara gülürdülər. ————————————————————————————- 33-35. Yanlış dəyərlərin aradan qaldırılması: Doğrusu, yalançı dəyərlərin aradan qaldırılması üçün bu ayələrdə qeyd ediləndən daha məzmunlu ifadə tapılmaz. Şəxsiyyətin dəvələrin sayı, dinar və dirhəmin miqdarı, nökər və kənizlərin sayı, evlər və onların əşyaları ilə ölçüldüyü, yetim və maddi cəhətdən yoxsul olan Mühəmmədin peyğəmbər seçilməsinin təəccüblə qarşılandığı bir cəmiyyəti dəyişmək üçün bu yanlış dəyər kompleksi darmadağın edilməli, yerində təqva, elm, fədakarlıq, şücaət və mərhəmət kimi əsl insani dəyərlərin bərpa edilməsi ən vacib məsələdir. Əks təqdirdə, bütün islahat tədbirləri səthi, davamsız və əsassız olacaqdır. İslam, Quran və Peyğəmbərin (s) ən üstün şəkildə həyata keçirmək istədikləri də bu olmuşdur. Buna görə də tamamilə geridə qalmış, insan cəmiyyətinin ən çox xurafata uğramış bir hissəsi qısa zaman ərzində ilk sırada qərarlaşacaq qədər inkişaf etmişdir. Peyğəmbərin (s) bu proqramla bağlı buyurduğu bir hədisdə belə deyilir: “Əgər Allah yanında dünyanın milçəyin qanadı qədər çəkisi olsaydı, Allah kafirə bir qurtum belə su içirtməzdi.”[9] 36-38. Şeytanın yoldaşı: Bu ayələrə əsasən Allahı unutmaq, Onu xatırlamamaq, dünya ləzzətləri içində qərq olmaq, dünyanın bər-bəzəyinə aldanmaq Şeytanın insanı istila etməsinə, hər zaman yanında olmasına səbəb olur. Kimsə bu ayədə məcburiyyət olduğunu iddia edə bilməz. Çünki bütün bunlar insanın öz etdiyi əməlləri nəticəsində baş verir. İnsanın etdiyi əməllər, xüsusilə dünya ləzzətlərinə və müxtəlif günahlara aludə olmaq ilk olaraq insanın qəlbinə və qulağına möhür vurulması, gözünə pərdə asılması, insanın Allahdan uzaqlaşması, şeytanların insanları istila etməsi, hətta qayıdış yolunun tamamilə bağlanması ilə nəticələnir. Deməli, şeytanlar və şeytani düşüncələrin insanı hər tərəfdən mühasirəyə almasının səbəbi insanın öz əməlləridir.[10] Şeytanların mühasirəsi artıq insanın düz yolla yanlış yol arasında fərq qoymamasına, Allah yolundan azdığı halda, özünün haqq yolda olduğunu düşünməsinə səbəb olur. Ümumiyyətlə, insan fitri olaraq haqq və həqiqətə meyilli olur, həqiqəti və doğrunu bilmək istəyir. Əgər həqiqət insana təqdim və təklif edilsə, o da nəfsinin istəklərinə tabe olduğu üçün həqiqətdən üz çevirsə, həyatına eyni qaydada davam etsə, Allah onun qəlbinə möhür vurar, haqqı görən gözünü kor edər, şeytanları ona yoldaş edər. Artıq bu cür insan həqiqəti dərk etməz, hər bir pak fitrətin qəbul etdiyi həqiqəti şeytanın təlqin etdiyi yanlışa tətbiq edər və yanlış yolda olduğu halda, haqlı və doğru yolda olduğunu güman edər, haqq yoldan sapdığı halda, haqq yolda addımladığını düşünər.[11] İmam Əli (ə) belə buyurub: “Haqq yoldan sapmışlar Şeytanı fəaliyyət meyari seçdilər, Şeytan da onları özünə ortaq etdi, kökslərinə yumurta yığıb cücə çıxardı, ətəkləri üzərində yeridi, gözləri ilə baxdı, dilləri ilə danışdı, onları yanlış yola saldı, çirkinlikləri gözlərinə gözəl göstərdi, sanki danışıqlarının sahibinə çevrildi.”[12] Bizim onlara göstərdiyimiz hər bir nişanə (və möcüzə) digərindən daha böyük idi. Onları əzaba düçar etdik ki, bəlkə, (doğru yola) qayıdalar. Onlar (əzaba düçar olduqdan sonra): “Ey sehrbaz! Rəbbini səninlə olan əhdinə vəfa etməyə çağır, biz doğru yola yönələcəyik” – dedilər. Ancaq Biz əzabı onlardan uzaqlaşdıran kimi, sözlərindən dönürdülər. Firon qövmünü səsləyib dedi: “Ey qövmüm! Misir səltənəti mənim deyilmi? Bu çaylar mənim əmrimlə axmırmı? Məgər görmürsünüzmü? Məgər mən bu aşağı sinifdən və ailədən olan, hətta aydın danışa bilməyən adamdan daha üstün deyiləmmi? Nə üçün ona qızıl bilərziklər verilməyib və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməyib?” (Firon) öz qövmünü axmaq yerinə qoydu, onlar da ona itaət etdilər. Onlar fasiq bir qövm idi. Bizi qəzəbləndirdikləri vaxt onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq. Biz onları gələcək nəsilər üçün (əzaba məhkum olmuş) sələflərə və bir ibrətə çevirdik. Məryəm oğlu örnək göstərilincə sənin qövmün sevinərək güldü. Dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa o?” (Əgər bizim tanrılarımız Cəhənnəmdədirsə, İsa da Cəhənnəmdədir. Çünki o da tanrı hesab edilib.) Onlar bu bənzətməni sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar kinli və höcətləşən adamlardır. İsa yalnız və yalnız Bizim nemət verdiyimiz və İsrail oğullarına nümunə təyin etdiyimiz bir bəndədir. Əgər istəsəydik, sizin əvəzinizə yer üzündə sizi əvəz edəcək mələklər yaradardıq. —————————————————————————————– Həm sehrbaz adlandırdılar, həm də yardım istədilər: Bu ayənin maraqlı məzmunu var: Firon tərəfdarları Musanı (ə) həm sehrbaz deyə çağırır, həm bəladan xilas olmaq üçün ondan yardım istəyir, həm də haqq yola yönələcəklərini vəd verirlər. Əlbəttə, özündənrazı cahillərin, lovğa təkəbbürlülərin, despot təcavüzkraların təfəkkür və danışıq tərzindən xəbərdar olan insanlar bilirlər ki, onların danışıqları bu cür təzadlar və paradokslarla doludur. Onlar Musaya (ə) möhtac olduqlarını bildikləri halda, ona yalan vədlər verirlər, hətta çarəsiz qaldıqları, yardım dilədikləri halda da təkəbbürlərindən əl çəkmirlər; “bizim Rəbbimiz”, “bizimlə olan əhdinə” demək əvəzinə “sənin Rəbbin”, “Səninlə olan əhdinə” deyirlər. Halbuki Musa (ə) onlarla danışarkən “mən öz Rəbbim tərəfindən” deyil, “mən aləmlərin Rəbbi tərəfindən göndərilmişəm” deyir. Bunlar müxaliflərin inadkarlıqlarından usanmamaları, ümidsizlik və məyusluq dəryasına qərq olmamaları, Musa (ə) və İsrail oğlları öz yollarına davam edib Firon tərəfdarları üzərində qələbə çaldıqları kimi, əzmkarlıq və mətanət göstərib öz yollarına davam etmələri üçün müsləmanlara bir dərs, Peyğəmbərə (s) isə təsəllidir. Bundan əlavə, Firon və tərəfdarlarından heç də güclü və qüdrətli olmayan inadkar düşmənlərə bir xəbərdarlıqdır ki, onlara baxıb öz aqibətlərini düşünsünlər.[13] Fikir və düşüncələri istila etmək bütün cinayətkar hökumətlərin metodudur: İnsanları aşağı düşüncə səviyyəsində saxlamaq, fikirlərini boğmaq, müxtəlif vasitələrlə onları axmaq yerinə qoymaq, davamlı olaraq həqiqətlərdən, gerçəklərdən xəbərsiz qoymaq, yalançı dəyərləri həqiqi dəyərlər adına insanlara sırımaq zalım, despot və cinayətkar hökumətlərin öz diktatura və avtoritarlıqlarını davam etdirmələri üçün həyata keçirdikləri metoddur. Millətlərin oyaqlığı, ayıqlığı və azad təfəkkürü diktator hökumətlərin ən böyük düşməni olduğu üçün daim ona qarşı mübarizə aparırlar. Bu fironsayağı üsul, yəni ağılların gülünc vəziyyətə salınması, yüngülləşdirilməsi müasir dövrümüzdə də cinayətkar dövlətlərin tam qüvvəsi ilə həyata keçirdiyi bir metoddur. Bu məqsədə nail olmaq üçün Fironun əlində olan vasitələr məhdud idi, ancaq dövrümüzün təcavüzkarları, qəsbkarları, avtoritarları, diktatorları millətlərin tamamilə xəbərsiz qalıb müti olmasına nail olmaq üçün kütləvi informasiya vasitələrindən, mətbuatdan, radio, televiziya və sair vasitələrdən geniş şəkildə istifadə edirlər. Buna görə də peyğəmbərlərin məktəbini davam etdirən, onların fikir xəttində irəliləyən alimlər və din mütəfəkkirləri ağılların gülünc vəziyyətə salınmasına qarşı mübarizədə üzərlərinə ağır vəzifə götürürlər. Diqqət çəkən məqam ayənin “onlar fasiq bir qövm idi” cümləsi ilə bitir. Allah-taala bu cümlə ilə başa salmaq istəyir ki, Misir xalqı fasiq idi, Allahın itaətindən, ağlın hökmündən çıxmasaydı, bu cür təbliğatlara uymaz, öz əli ilə özünü azğınlığa məhkum etməzdi. Onlar bu azğınlıqlarına görə üzürlü sayılmırdılar. Düzdür ki, Firon onları aldadaraq özünə müti etmişdi, ancaq onlar da kor-koranə itaətkarlıqları ilə buna zəmin yaratmışdılar. Əslində bu xalq caniyə tabe olan bir cani idi.[14] O (İsa) Qiyamət gününün bilinmə səbəbidir (İsanın enişi Qiyamətin yaxınlaşmasından xəbər verir). Ona əsla şəkk etməyin və Mənə tabe olun ki, düz yol budur! Şeytan sizi (Allahın yolundan) döndərməsin. O, sizin aşkar düşməninizdir. İsa aydın dəlillər gətirib dedi: “Mən sizə hikmət gətirmişəm və barəsində ixtilafa düşdüyünüz bəzi şeyləri izah etməyə gəlmişəm. Təqvalı olun və mənə itaət edin! Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. (Təkcə) Ona ibadət edin ki, düz yol budur!” Bəzi firqələr arasında (İsa ilə bağlı) fikir ayrılığı yarandı (bəziləri ona tanrı dedi). Ağrılı-acılı bir günün əzabından vay zalımların halına! Onlar özləri də hiss etmədən Qiyamətin qəfildən onlara gəlməsindən başqa bir şeymi gözləyirlər? O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər. Ey bəndələrim! Həmin gün sizə qorxu yoxdur və siz heç kədərlənməyəcəksiniz də. Siz ayələrimizə iman gətirib müsəlman olmusunuz. Siz də, zövcələriniz də hədsiz sevinclə Cənnətə daxil olun! Onların dövrəsinə qızıl qablar və piyalələr dolandırılacaqdır. Orada ürəklərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Bu, etdiyiniz əməllərə görə varis olduğunuz Cənnətdir. Orada sizin üçün bol-bol meyvələr vardır, onlardan yeyəcəksiniz. —————————————————————————————– İsa (ə) Qiyamətin əlamətidir: Bu ayənin təfsiri ilə bağlı iki ehtimal mövcuddur: 1. İsanın (ə) dünyaya atasız gəlməsi Allahın sonzus qüdrətindən xəbər verir. Öldükdən sonra dirilmə bu qüdrət sayəsində baş verir; 2. Hədislərdə İsanın (ə) axırzamanda göydən enəcəyi qeyd edilmişdir. Bu isə Qiyamətin yaxınlaşmasından xəbər verəcək. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İsa enəcək, müsəlmanların əmiri (İmam Zaman) deyəcək: “Önə keçib namaz qıl”. Həzrət İsa deyəcək: “Xeyr, siz önə keçib namaz qılın. Çünki siz bir-birinizin imam və əmirisiniz (onların əmiri sizsiniz). Bu, Allahın bu ümmətə verdiyi dəyərdir, hörmətdir.” (Sonra həzrət İsa Mehdiyə iqtida edəcək).”[15] Dostların düşmənçiliyi: Qiyamətin bir xüsusiyyətinin təsvir edildiyi bu ayə əvvəlki ayədə də “saat” deyilərkən Qiyamət gününü nəzərdə tutulduğunu deməyə əsas verir. Həmin gün təqvalılar istisna olmaqla, bütün dostlar bir-birinə düşmən kəsiləcək. Həmin gün dostluqların düşmənçiliyə çevrilməsi təbii bir haldır. Çünki onlar bədbəxtliklərində bir-birini günahlandıracaqlar. Təkcə təqva sahibləri belə olmayacaq, əbədi dəyərlər ətrafında toplaşdıqları üçün onların dostluğu əbədi olacaq. Bu əbədi dostluğun bərəkətli nəticəsi Qiyamət günü daha çox aşkar olacaq, daha da möhkəmlənəcək. İmam Sadiq (ə) buyurmuşdur: “Bilin, bu dünyada Allaha xatir olmayan bütün dostluqlar düşmənçiliyə çevriləcək.”[16] Başqa bir hədisində isə İmam Sadiq (ə) belə buyurmuşdur: “Dost axtararkən yerin zülmət qaranlıqlarında da olsa, bütün ömrünü axtarmağa da sərf etsən, Allahdan qorxanları tap. Çünki Allah yer üzündə peyğəmbərdən sonra onlardan yaxşısını yaratmamışdır. Allah-taala heç bir bəndəyə onlarla yoldaşlıq etməkdən yaxşı nemət bəxş etməmişdir. Allah-taala buyurub: “O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər.” Hesab edirəm ki, bu zamanda eyibsiz dost axtaran dostsuz qalacaqdır.”[17] Cənnətdə bütün ləzzətlər var: Əgər bütün insanlar bir yerə toplaşıb Cənnət nemətlərini vəsf etmək istəsələr, bu cümlədə qeyd edilənlərdən artığını söyləməyə qüdrətləri çatmaz. Varlıq aləmi genişlikdə, təsəvvürümüzə gələ biləcək və ya bilməyəcək bir miqyasda gözəl və əhatəli bir ifadədir. Ondan üstün söz tapmaq mümkün deyil. Şairin poetik dili ilə desək: “Nə görərsənsə, ürəyin onu istəyər, ürəyin nə istəyərsə, onu da görərsən”. Bu ayəni təfsir edərkən təfsirçilər ortaya belə bir sual atmışlar: “Bu ayənin məna genişliyi və məzmun miqyası bu dünyada haram olan şeylərin o dünyada halal olacağını və istənildikdə veriləcəyini deməyə əsas verirmi?” Əslində, bu sualı irəli sürənlər haram və çirkinliklərin insan ruhu üçün iyrənc qidaya bənzədiyini, sağlam ruhun qətiyyən belə bir qida istəmədiyini, yalnız xəstə ruhun münasib olmayan zəhərli qidaya meyl göstərdiyini nəzərdən qaçırıblar. Belə ki, bəzən elə xəstələrə rast gəlirik ki, xəstəlikləri baş qaldırdıqda torpaq və ya başqa şeylər yeyirlər. Amma xəstəlikləri aradan qalxan kimi, bu saxta iştah kəsilir. Cənnət sakinlərinə gəldikdə, onlarda belə bir istək yaranmayacaq. Çünki bu cür istək və meyllər cəhənnəmlik olan xəstə ruhlara məxsusdur. Bir ərəb Peyğəmbərdən (s) soruşur: Cənnətdə dəvə də olacaq? Çünki mən dəvəni həddən artıq çox sevirəm. Peyğəmbər (s) Cənnətdə ərəbə dəvəsini unutduracaq nemətlərin olduğunu bildiyi üçün qısa və lakonik olaraq belə buyurur: “Ey ərəb, əgər Allah səni Cənnətə daxil etsə, ürəyin istədiyi və gözünü oxşayan nə varsa, orada ona nail olacaqsan.”[18]   Günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların əzabı heç vaxt yüngülləşdirilməyəcək və orada hər şeydən məyus olacaqlar. Biz onlara zülm etmədik, onlar özləri zalım idilər. Onlar fəryad qoparıb (Cəhənnəmin gözətçisinə) deyəcəklər: “Ey Malik! Rəbbin bizi öldürsün!” O isə deyəcək: “Siz burada əbədi qalacaqsınız!” Biz sizə haqqı gətirdik, ancaq çoxunuzun haqdan xoşu gəlmədi. Yoxsa onlar hiylə üçün qəti qərar qəbul etdilər? Bizim də qərarımız qətidir. Yoxsa onlar Bizim onların sirlərini və gizli danışıqlarını eşitmədiyimizi düşünürlər? Xeyr! Yanlarında yazan elçilərimiz (və mələklərimiz) vardır. De: “Əgər Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım. Göylərin və yerin Rəbbi, ərşin Rəbbi onların Ona aid etdikləri xüsusiyyətlərdən uzaqdır, təmizdir!” Onları öz başlarına burax, qoy vəd olunduqları günə qovuşanadək batil əməllər içində qərq olsunlar və başları qarışsın. Göydə də, yerdə də məbud Odur. O, hikmət sahibidir, biləndir. Göylərin, yerin və onların arasında olan hər şeyin hakimi olan Allah mübarək və əbədidir! Qiyamətin nə vaxt qopacağını O bilir və siz Onun hüzuruna qaytarılacaqsınız. Onu qoyub çağırdıqları şəfaət verə bilməzlər. Yalnız haqqa şahidlik edənlər və bilənlər istisnadır. Əgər onlardan onları kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!” – deyərlər. Bəs Ona bəndəlik etməkdən necə yayınırlar? Onlar Peyğəmbərin: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!” – deyə etdiyi şikayətdən (necə xəbərsiz qalırlar?) (İndi ki belədir) onlardan üz çevirib: “Salam olsun sizə!” de. Onlar tezliklə biləcəklər. —————————————————————————————— Əgər Allahın övladı olsaydı, Ona ilk ibadət edən mən olardım: Bəzi təfsirçilərə ayənin mənası çox mürəkkəb görünmüş, buna görə də ona müxtəlif izahlar verməyə çalışmışlar. Bəzi izahlar isə çox qəribə görünür. Əslində, ayənin mənası heç də mürəkkəb deyil, Allah-taala inadkar insanlara qarşı maraqlı bir metoddan isitfadə etmişdir. Bunu aydın bir misalla belə izah edə bilərik: Bir adam səhvən kiminsə daha böyük alim olduğunu söyləyir. Həmin şəxs heç də söyləndiyi kimi olmadığı üçün belə cavab veririk: “Əgər o, hər kəsdən savadlı və elmli olsa, ona tabe olan birinci adam biz olarıq”. Bununla da qarşı tərəfi düşünməyə, iddiasını sübut etmək üçün dəlil axtarmağa, həqiqət üzə çıxdıqdan sonra onu qəflət yuxusundan oyanmağa vadar edirik.[19] Kim şəfaətçi ola bilər? Bu ayələrdə şirkin yanlış olduğundan və müşriklərin həyatlarının acı sonluğundan söhbət açılır. Ayədə müşriklərə başa salınır ki, əgər onlar şəfaət niyyəti ilə öz tanrılarına üz tuturlarsa, bilsinlər ki, Allahı qoyub çağırdıqları heç bir tanrı şəfaət edə bilməz, Allah dərgahında şəfaət yalnız Onun Öz izn ilə mümkündür. Hikmət sahibi olan Allah ağlı, şüuru və dəyəri olmayan bu daş və ağaclara belə bir icazə verməmiş və verməyəcək. Ancaq məbudlar arasında mələklər və Allahın İsa (ə) kimi xüsusi bəndələri olduğu üçün ayənin davamında Allah istisna edərək belə buyurmuşdur: “Yalnız haqqa şahidlik edənlər”. Tövhid və Allahın təkliyini bütün dərəcələri ilə qəbul etmiş, Haqq qarşısında tam itaət göstərən şəxslər Allahın iznilə şəfaətçi ola bilərlər. Təbii ki, onlar da bütpərəst, müşrik və təkallahlıq dinindən dönməsindən asılı olmayaraq, hər adam üçün şəfaətçi olmurlar. Onlar kimə şəfaətçi olacaqlarını yaxşı bilirlər. Bu ayə Allah dərgahında şəfaətçi olanların əsas şərtini təyin edir. Həmin şəxslər haqqa şahidlik edənlər, haqqın bütün mərhələlərindən xəbərdar olan, tövhid ruhundan yaxşı xəbəri olan, şəfaət olunanların şərtlərini də yaxşı bilənlərdir.[20] Ayədə “salam” deyilərkən nə nəzərdə tutulur? Əslində bu “salam” “Furqan” surəsinin 63-cü ayəsində qeyd edilən “salam”la eyni mənanı daşıyır: “Nadanlar onlara söz atdıqları zaman onlara salam verirlər (və etina etməyib alicənablıqla keçib gedirlər).”[21] Bu salam zəiflik və acizlik deyil, etinasızlıq və alicənablıq əlamətidir. Bu salam cahil və yelbeyin insanlarla qarşılaşmamaq üçün verilən bir salamdır. Bu salam sevgi və dostluq əlaməti olan sağlamlıq diləmək deyil, onların faydasız sözlərinə vida etmək üçün verilmiş salamdır. Xülasə, səbir, dözüm və alicənablıq əlaməti olan bir salamdır.[22] [1] Nümunə, c.20, səh.505 [2] Nümunə, c.27, səh.103 [3] Nümunə, c.21, səh.3 [4] Nümunə, c.21, səh.17 [5] Nümunə, c.21, səh.21 [6] Nümunə, c.21, səh.26 [7] Nümunə, c.21, səh.47 [8] Nümunə, c.21, səh.51 [9] Nümunə, c.21, səh.57 [10] Nümunə, c.21, səh.64 [11] Əl-Mizan, c.18, səh.103 [12] Nəhcül-bəlağə, 7-ci xütbə [13] Nümunə, c.21, səh.80 [14] Nümunə, c.21, səh.88 [15] Nümunə, c.21, səh.100 [16] Nümunə, c.21, səh.110 [17] Nurus-səqəleyn, c.6, səh.444 [18] Nümunə, c.21, səh.115 [19] Nümunə, c.21, səh.127 [20] Nümunə, c.21, səh.134 [21] Nümunə, c.21, səh.138 [22] Nümunə, c.21, səh.149

QURANI KƏRIM 14.02.2025

“Şura” surəsi

“Şura” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim. Ayn, Sin, Qaf. Yenilməz qüdrət və hikmət sahibi olan Allah sənə və səndən əvvəlki peyğəmbərlərə belə vəhy edir. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, ucadır, böyükdür. Göylər az qalır yuxarıdan parça-parça olsun. Mələklər davamlı olaraq Rəblərinə həmd və təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Bilin, Allah bağışlayandır, rəhmlidir. Allahdan başqasını özünə rəhbər seçənlərin bütün əməllərinin hesabını Allah qoruyub saxlayır. Sənə onlara haqqı məcburi şəkildə qəbul etdirmək əmr edilməyib. Beləliklə, Biz sənə ərəbcə olan (fəsahətli və açıq-aydın) bir Quran vəhy etdik ki, şəhərlər anası (Məkkə) və onun ətrafındakıları xəbərdar edəsən, barəsində heç bir şübhə olmayan, bütün yaranmışların toplanacağı günlə qorxudasan. Bir qisim Cənnətdə, digər qisim isə yanar oddadır. Əgər Allah istəsəydi, onları vahid bir ümmət edərdi. Lakin O, Öz mərhəmətinə istədiyini qovuşdurur.  Zalımların isə nə bir himayəçisi olar, nə də bir yardımçısı var. Onlar Allahdan qeyrisini özlərinə rəhbər və himayəçi seçdilər. Halbuki rəhbər və himayəçi yalnız Allahdır. Ölüləri dirildən Odur. Hər şeyə qadir olan Odur. İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. Budur mənim Rəbbim olan Allah. Mən Ona təvəkkül etmişəm və Ona tərəf qayıdıram. —————————————————————————————– “Şura” surəsinin ümumi məzmunu: Bu surənin əsas sujet xəttini vəhy mövzusu təşkil edir. Sözügedən mövzu ilə yanaşı, tövhid, məad, mömin və kafirlərin xüsusiyyətləri və sair kimi mövzulara da toxunulmuşdur.[1] Tezliklə göylər yuxarıdan parçalanacaq: Bu cümləyə iki formada izah verilmişdir: 1. Bu cümlənin məzmunu əvvəlki ayələrin bəhs etdiyi vəhy mövzusu ilə bağlıdır. Əslində, “Həşr” surəsinin 21-ci ayəsinin məzmunu ilə oxşardır. Allah həmin ayədə belə buyurur: “Əgər bu Quranı dağa nazil etsəydik, onun qarşısında əridiyini və Allah qorxusundan parçalandığını görərdin.” Allah kəlamı göydən enərkən onu lərzəyə gətirir, az qalır parça-parça olsun. Əgər dağa nazil olsaydı, parça-parça olardı. Çünki o, Allah tərəfindən endirilən hikmətli kəlamdır. Onun qarşısında yumşalmayan, təslim olmayan yalnız insanın inadkar qəlbidir. 2. Göylər ən aşağı varlıqları varlıq aləminin böyük başlanğıcına tay tutan müşriklərin şirk və bütpərəstliyi qarşısında az qalır parça-parça olsun. (Daha ətraflı məlumat üçün bax: Məryəm-90).[2] Şəhərlərin anası: Bu ayəni oxuyarkən belə bir fikir yarana bilər ki, burada təkcə Məkkə və onun ətraf ərazilərində yaşayan insanlar nəzərdə tutulmuşdur. Bu ifadə İslamın ümumbəşəri din olması məsələsinə zidd deyilmi? Bir nüansa diqqət yetirsək, sual aydınlaşar. O da budur ki, “Ummul-qura” (şəhərlərin anası) Məkkənin adlarından biridir. Bu ad “umm” və “qura” olmaqla iki sözdən təşkil olunmuşdur. “Umm” sözünün mənası əsas və başlanğıc deməkdir. Övladların əsas başlanğıcı ana olduğu üçün ərəblər anaya “umm” deyirlər. “Qura” mənası abadlıq, böyük və kiçikliyindən asılı olmayaraq, şəhər və kənd olan “qəryə” sözünün cəmidir. Quranda bu ifadəyə çox rast gəlinir. Məkkənin nə üçün “Ummul-qura” adlandırılmasına “Ənam” surəsinin 92-ci ayəsində açıqlama gətirmişik. Bundan başqa, nəzərə almalıyıq ki, İslam dini tədricən yayılmışdır. Peyğəmbərə (s) ilk öncə yaxın qohumlarını qorxutmaq əmr edilmişdir. Belə ki, “Şuəra” surəsinin 214-cü ayəsində Allah-taala belə buyurmuşdur: “Yaxın qohumlarını qorxut”. Əslində, bu cür başlanğıcın məqsədi əsas özəyi möhkəmlətmək və yayılmağa hazır etməkdir. Bundan sonra Peyğəmbərə (s) ərəbləri qorxutmaq əmr edilmişdir. Belə ki, “Fussilət” surəsinin 3-cü ayəsində Allah-taala belə buyurur: “Ərəbcə olan bir kitab”. “Zuxruf” surəsinin 44-cü ayəsində isə artıq belə buyurulur: “Bu, sən və sənin qovmunə xatırlatma vasitəsidir.” İslamın əsasları ərəblər arasında möhkəmləndikdən sonra Peyğəmbərə (s) daha böyük vəzifə tapşırılır, ona bütün insanları qorxutmaq əmri verilir. Belə ki, “Furqan” surəsinin ilk ayəsində belə buyurulur: “Aləmləri qorxutmaq üçün Quranı bəndəsinə nazil edən (Allah) tükənməz və mübarəkdir.” Buna görə də Peyğəmbər (s) o vaxt Ərəbistan yarımadasından uzaqlarda yaşayan dünya hökmdarlarına məktub yazaraq onları İslama dəvət edir. Ardıcılları da ondan sonra məhz bu proqram üzrə İslamı təbliğ etmək üçün bütün dünyaya səpələnir, İslam təlimlərini dünyaya yayırlar.[3] İxtilaflar barəsində hökm vermək yalnız Allah-taalaya məxsusdur: Bəzi təfsirçilər bu ayənin məzmununu bənzər ayələr və ya hüquqi ixtilaflar çərçivəsi ilə məhdudlaşdırmağa çalışmışlar. Ancaq ayənin mənası daha genişdir, ilahi maarif, etiqad məsələləri, şəriət hökmləri, insanlar arasında mövcud olan bütün hüquqi və məhkəmə məsələlərini və sairəni əhatə edir. İnsanların məlumatları məhdud və az olduğu üçün Allahın elm mənbəyindən qaynaqlanmalı, mövcud ixtilaflarını vəhy vasitəsilə həll etməlidirlər.[4] Bu ayə insanların ehtiyac duyduqları bütün məsələlərin Quran və sünnədə mövcud olduğunu, istənilən müqayisə, fərdi qanunvericilik və sairənin yanlış olduğunu aydın şəkildə göstərən ayələrdəndir. Çünki bu hökmlər Quran və sünnədə olmasaydı, bütün ixtilafların Allaha həvalə edilməsinin heç bir mənası olmazdı.[5] O, göyləri və yeri yaradandır. O, sizin üçün Öz cinsinizdən həyat yoldaşları, heyvanlardan da cütlər yaratdı. Sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, eşidəndir, görəndir. Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini artırar, istədiyininkini də azaldar. O, hər şeyi biləndir. Nuha tövsiyə etdiyi dini sizin üçün qanun etdi. Sənə vəhy etdiyimiz, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimiz budur: “Dini qoruyun və onda təfriqə yaratmayın!” Sizin dəvət etdiyiniz müşriklərə ağır gəldi. Allah istədiyi kəsi seçir və Ona tərəf qayıdanı doğru yola yönəldir. Onlar məhz elm gəldikdən sonra haqdan sapdıqları üçün (paxıllıqları ucbatından) parçalandılar. Əgər Rəbbin tərəfindən müəyyən bir vaxtadək verilmiş bir əmr olmasaydı, onların arasında artıq hökm çıxarılardı. Onlardan sonra kitaba varis olanlar da onun barəsində bədbin bir şübhə içindədirlər. Buna görə də sən (onları Allah dininə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi hər bir kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimizdir, sizin də. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Aramızda şəxsi zəmində düşmənçilik yoxdur. Allah bizi və sizi bir yerə toplayacaqdır. Dönüş Onadır”. ————————————————————————————— Allahın bənzəri yoxdur: Bu cümlə Allahın bütün sifətlərinin tanınmasının əsas təməl prinsipini ehtiva edir. Həmin prinsip nəzərə alınmadan Allahın sifətlərinin heç birini dərk etmək olmaz. Çünki Allahı tanıma yolunda mövcud olan ən təhlükəli uçurum, hər hansı sifət baxımından Allahı Öz yaratdıqlarına bənzətməkdir. Bu amil insanın şirk dərəsinə yuvarlanmasına səbəb olur. Başqa sözlə desək, Allah hər cəhətdən, qüdrət, elm, həyat, iradə, lütfkarlıq və sair cəhətdən sonsuz, hüdudsuz bir varlıqdır, Ondan qeyri nə varsa, məhduddur. Bu, Allahın mümkün varlıqların bütün nöqsanlarından pak və üstün hesab edilməsidir. Buna görə də Allahdan qeyrisi haqqında sübuta yetmiş çox anlayışlar Allah prizmasında öz mənasını itirir. Məsələn, bəzi işlər bizim üçün asan, bəzisi isə çətindir, bəzi əşyalar uzaq, bəzisi yaxındır, bəzi hadisələrin zamanı keçmiş, bəziləri indi baş verir və ya gələcəkdə baş verəcək, bəzi cismlər böyük, bəzisi kiçikdir və sair. Bütün bunlar ona görə belədir ki, biz məhdud varlığıq və ya varlıqların müqayisəsi bizdə belə təsəvvür yaranmasına səbəb olur. Ancaq bütün cəhətlərdən sonsuz, əzəli və əbədi olan varlıq haqqında bu mənanı təsəvvür etmək olmur. Onun haqqında uzaq və ya yaxın anlayışları təsəvvür edilmir, Onun nəzərində hər şey yaxındır. Onun üçün çətinlik və ya asanlıq deyilən bir şey yoxdur, hər şey Onun üçün asandır. Onun üçün keçmiş və gələcək anlayışı yoxdur, hər şey Onun üçün indidir. Əlbəttə, bu mənanı dərk etmək diqqət, beyinin öyrəşdiklərini bir kənara qoymasını tələb edir. Bu səbəbdən də Allahın tanınmasının çox asan, sifətlərinin tanınmasının isə çox çətin olduğunu deyirik.[6] Şübhəsiz ki, Allah təsəvvür, xəyal, müqayisə, güman, təxəyyülə sığmayan bir varlıqdır, zatını təsəvvür etmək qeyri-mümkündür. Çünki biz yalnız bənzərini və hissələrini gördüyümüz əşyaları təsəvvür edə bilərik. Ancaq bənzəri və tayı-bərabəri olmayan varlıq bizim idrakımıza və təsəvvürümüzə əsla sığmaz. Biz yalnız bu qədər bilirik ki, O, var. Onun işlərini və nişanələrini bizi əhatə edən kainatda müşahidə edir, həmin nişanələr əsasında Onun sifətlərini ümumi şəkildə dərk edirik. Heç kəs, hətta peyğəmbər və mələklər də Onun zatını dərk edə bilməzlər. Elə məhz bu həqiqəti etiraf etmək insanın Allahı tanıma prosesindəki son mərhələsidir. Peyğəmbərin (s) “biz Səni layiq olduğun kimi tanıya bilmərik” hədisi insanın Allahı tanıma ilə bağlı bilgisinin ən yüksək zirvəsidir. Səbəbi isə aydındır. O, hər cəhətdən sonsuz varlıqdır, Ondan qeyri nə varsa, hər cəhətdən məhduddur. Buna görə də Onu Özündən qeyrisi ilə müqayisə etmək olmaz. Bizim varlığımız, ağlımız və fikrimiz məhdud olduğu üçün Onun sonsuz zatına vara bilmərik. Bir gün bir nəfər Peyğəmbərin (s) yanına gəlib: “Elmin ən yüksək mərhələsi hansıdır?” – deyə soruşur. Peyğəmbər (s) buyurur: “Allahı layiq olduğu kimi tanımaq”. Sonra əlavə edir: “Onun nə misli var, nə bənzəri, O, tək, yaradan, qadir, əvvəl, axır, zahir və batin olan məbuddur. Heç bir tayı-bərabəri yoxdur. Budur Onu layiqincə tanımaq.”[7] İslam səmavi dinlərin çıxarışı, xülasləşdirilmiş formasıdır: Ayədə İslamın təkallahlığa dəvətinin yeni bir şey olmadığı, bütün ulul-əzm peyğəmbərlərin dəvəti olduğu buyurulur. Təkcə tövhid deyil, peyğəmbərlərin dəvətlərinin əsas prinsipləri bütün səmavi dinlərdə eyni olmuşdur. Bu ayəyə əsasən keçmiş peyğəmbərlərə nə tövsiyə olunubsa, onların şəriətlərində nə olubsa, İslam şəriətində toplanmışdır. “Minəd-din” (din) ifadəsi səmavi şəriətlərin təkcə tövhid və inanc əsaslarında deyil, kök etibarı ilə də eyni olduğunu göstərir. Baxmayaraq ki, insan cəmiyyətinin təkamülü, ikinci dərəcəli qanunların insanların təkamülünə uyğun olaraq sonuncu dinlərə qədər təkmilləşməsini tələb edir. Belə ki, Quran ayələrində bütün səmavi dinlərdə inanclar, qanunlar və vəzifələrin eyni olduğunu göstərən nümunələr çoxdur.[8] Allahı qəbul etdikdən sonra Onun barəsində söz güləşdirənlərin dəlili Rəbləri yanında batil və əsassızdır. Onları qəzəb və şiddətli əzab gözləyir. Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də saat (Qiyamət qopacağı vaxt) yaxındır. Qiyamətə inanmayanlar onun barəsində tələskənlik edirlər. Möminlər isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Qiyamət barəsində mübahisə edənlər dərin bir azğınlıq içindədirlər. Allah Öz qullarına qarşı lütfkardır, istədiyinə ruzi verir. O, qüvvətlidir, yenilməzdir. Biz axirət tarlasını istəyənin əkininə bərəkət və artım verir, məhsulunu bol edirik, yalnız dünya əkinini istəyənə isə ondan az miqdar veririk. Axirətdə onun heç bir nəsibi olmaz. Yoxsa Allahın izni olmadan onlar üçün din yaradan məbudları var? Əgər onlara bəlli bir möhlət verilməsəydi, onların barəsində hökm çıxarılardı. Zalımları ağrılı-acılı bir əzab gözləyir. Zalımların etdikləri əməllərdən çox qorxduğunu görəcəksən. Lakin əməlləri onları yaxalayacaq. İman gətirib yaxşı işlər görənlər isə Cənnət bağlarında olacaqlar. Rəblərinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır. Böyük lütfkarlıq da elə budur. ————————————————————————————– Allah kitab və tərəzini haqq olaraq göndərmişdir: “Kitab” deyilərkən vəhy nəzərdə tutulur. İnsan cəmiyyətinin idarə edilməsi üçün zəruri olan din və şəriət məhz vəhy vasitəsilə göndərilmişdir. Tərəzi ölçü vasitəsinə deyilir. Burada “tərəzi” deyilərkən kitabın ehtiva etdiyi din nəzərdə tutulur. İnanc və əməllər din vasitəsilə ölçüldüyü üçün tərəzi adlandırılmışdır. Qiyamətdə də onun vasitəsilə sorğu-sual olunacaq, ölçü müəyyən ediləcək, mükafat və ya cəza veriləcək. Deməli, “tərəzi” deyiləkən əsasları və əməli hökmləri ilə birlikdə din nəzərdə tutulur. Bəzi təfsirçilər tərəzini Peyğəmbərə (s) yozmuşlar. Əlbəttə, bu yozum əvvəlki şərhlə heç bir təzad təşkil etmir. Çünki qeyd etdiyimiz kimi, “tərəzi” deyilərkən əsasları və əməli hökmləri ilə birlikdə din nəzərdə tutulur. Məlumdur ki, Peyğəmbər (s) dinin əsasları və əməli hökmlərinin taməyarlı meyarıdır. O, elə bir tərəzidir ki, fərdlərin hər birinin dindarlığı onunla ölçülür. Ona daha çox bənzəyən fərd daha dindar, ona daha az bənzəyən isə az dindardır.[9] Dünya və axirət tarlası: Ayədə incə bir bənzətmə ilə insanlar Allahın bəxş etdiyi ruzilər və ondan istifadə formasına əsasən əkinçilərə bənzədilmişlər. İnsanların bir qrupu axirət, bir qrupu isə dünya üçün əkin əkir və bununla da tarlaların hər birinin nəticəsini müəyyən edir. Bu ayəyə əsasən insanlar əkinçi, bu dünya tarla, əməllərimiz toxumlar, Allahın yaratdığı imkanlar yağan yağışlardır. Toxumlar müxtəlif olur. Onların bəzisinin məhsulu tükənməz, sonsuz, əbədi, ağacları həmişəyaşıl, barlı-bəhrəlidir. Bəzisinin məhsulu çox az, ömrü qısa və keçici, meyvələri acıdır. “İstəyir” sözü ilə niyyətlərin fərqli olduğuna işarə edilir. Ümumiyyətlə, bu ayədə daha öncəki ayədə qeyd edilmiş bəzi nemətlər səciyyələndirilir. Bəziləri Allahın verdiyi bu nemətlərdən toxum kimi axirət üçün, bəziləri isə dünya ləzzətləri üçün istifadə edir. Axirət əkinçiləri belə səciyyələndirilir: “Onun əkininə bərəkət və artım veririk, məhsulunu bol edirik”, ancaq dünya ləzzətindən də məhrumdurlar deyə buyurulmur. Dünya əkinçilərinə gəldikdə, onların barəsində belə buyurulur: “Ondan az miqdar veririk. Axirətdə onun heç bir nəsibi olmaz.” Deməli, dünyapərəstlər istədiklərinə çatmır, axirət istəyənlər isə dünyadan məhrum olmurlar. Nəticədə, dünyapərəstlər o dünyaya əliboş, axirət istəyənlər isə əlidolu gedirlər. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Allah niyyəti dünya olan şəxsin işini tərs gətirər, onu yoxsul edər. O, dünya malından yalnız təyin edilmiş miqdarı əldə edər. Allah niyyəti axirət olan şəxsi dağınıqlıqdan xilas edər, qəlbini ehtiyacsızlıq hissi ilə doldurar. Dünya müti halda ona doğru yürüyər.” İslama görə dünya məqsəd deyil, məhsulu Qiyamətdə yığılacaq bir əkin sahəsidir. Quranın başqa ayələrində və məsumların (ə) hədislərində buna bənzər ifadələrə çox rast gəlmək olar. Məsələn, “Bəqərə” surəsinin 261-ci ayəsində Allah yolunda xərcləmək hər toxumu yeddi sünbül və hər sünbülü yüz və daha artıq dən verən toxuma bənzədilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İnsanları üzüqoylu oda atan yalnız onların dillərinin biçdiyi məhsuldur.” İmam Əli (ə) buyurmuşdur: “Var-dövlət və övladlar bu dünya payı, saleh əməl insanın axirət nəsibidir. Bəzən Allah bu iki neməti bəzi insanlara bir yerdə verir.” Bu ayədən həm də belə nəticə almaq olar ki, həm dünyanın, həm də axirətin səy və fəaliyyətə ehtiyacı var, heç bir məhsul zəhmətsiz əldə edilə bilmədiyi kimi, dünya və axirət də zəhmətsiz qazanıla bilməz. Deməli, insan zəhmətini tez solub quruyan deyil, meyvəsi şirin, dadlı və əbədi olan ağaca sərf etsə, daha yaxşı olar.[10] İman gətirib yaxşı işlər görən qullarına Allahın verdiyi müjdə budur. De: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir mükafat istəmirəm”. Kim yaxşı bir iş görsə, onun yaxşılığını artırarıq. Çünki Allah bağışlayandır, qədirbiləndir. Yoxsa onlar: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz fərmanı ilə bərqərar edər. Çünki O, kökslərdə olanlardan xəbərdardır. Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. O, iman gətirib yaxşı əməllər edənlərin istəyini qəbul edir və Öz lütfünü onlara artırır. Kafirləri isə şiddətli əzab gözləyir. Əgər Allah Öz qullarına bol ruzi versə, onlar yer üzündə həddi aşarlar. Buna görə də O, istədiyi qədər göndərir. Çünki O Öz qullarından xəbərdardır, (onların etdiklərini) görəndir. (İnsanlar) ümidlərini kəsdikdən sonra faydalı yağış endirən və Öz rəhmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun nişanələrindəndir. O, istədiyi vaxt onları bir yerə toplamağa qadirdir. Başınıza gələn hər bir müsibət etdiyinz əməllər üzündəndir. (Allah) çoxunu da bağışlayır. Siz yer üzündə Allahın qüdrətindən qaçıb yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin heç bir himayəçiniz və köməkçiniz yoxdur. ————————————————————————————— Qohumlar kimlərdir? Bütün şiə təfsirçiləri və əhli-sünnə təfsirçilərinin bir qrupu “qohumlar” deyilərkən Peyğəmbərin (s) qohumlarının (Əhli-beytinin) nəzərdə tutulduğunu qeyd etmişlər. Bu şərhə qarşı başqa yozum və ehtimallar da irəli sürülmüşdür. Ancaq böyük ehtimalla bu ehtimalları irəli sürənlərin hamısının əsl istəyi imamət və xəlifəlik mövzusunun elə də böyük əhəmiyyət daşımadığını göstərmək, Əhli-beyt (ə) məqamının əhəmiyyətini azaltmaq olmuşdur. Bu ayə ilə bağlı əsl diqqət çəkən məqam ondan ibarətdir ki, bir tərəfdən Allah Quranda peyğəmbərlərin çoxunun dilindən açıq-aydın şəkildə “biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız Allaha məxsusdur”, – deyə buyurur (Şüəra-109, 127, 145, 164, 180), digər tərəfdən isə, sözügedən ayədə “mən sizdən qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir mükafat istəmirəm”, – deyə buyurur. Daha maraqlı cəhət Allah-taalanın “Furqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) “de: “Mən peyğəmbərliyimin əvəzində sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəblərinə tərəf aparan bir yol tutsunlar”, – deyə göstəriş verir, “Səba” surəsinin 47-ci ayəsində isə belə buyurur: “Mənim sizdən istədiyim mükafat yalnız öz xeyrinizədir. Mənim haqqım və mükafatım Allaha aiddir.” Bu dörd ayəni yanaşı qoyduqda belə nəticə almaq olar ki, İslam peyğəmbəri (s) də digər peyğəmbərlər kimi insanlardan özü üçün heç bir haqq və mükafat istəməmişdir. İstədiyi mükafat yalnız Əhli-beytinə qarşı sevgi olmuşdur. Bu isə Allaha aparan yol və insanların öz xeyirlərinə olan bir istəkdir. Çünki sözügedən sevgi imamət, xilafət, Peyğəmbərin canişini, Allah rəsulunun ümmət üzərindəki rəhbərliyinin davam etməsi və insanların bu rəhbərlik işığında haqq yola yönəlməsi mövzusuna açılan bir qapıdır. Bu həqiqət Peyğəmbərdən (s) nəzər nöqtəsi olan ayənin şərhi ilə bağlı rəvayət edilmiş hədislərə müraciət etdiyimiz və onları bu ayələrlə yanaşı qoyduğumuz zaman aydın olur. Bu ayənin təfsiri ilə bağlı nəql edilmiş hədislərin məcmusundan belə nəticəyə gəlirik ki, sözügedən ayə konkret olaraq imamət və rəhbərlik mövzusuna aiddir. Peyğəmbərlik missiyasının haqq və mükafatı məhz bu məsələ təyin edilmişdir. Bu haqq insanları Allaha yaxınlaşdırır, faydası onların özlərinə aid olur. İbn Abbas belə nəql edir: Bu ayə nazil olduqdan sonra səhabələr soruşdu: “Ey Allahın rəsulu! Bunlar kimdir ki, Allah-taala bizə onları sevməyi əmr edir?” Buyurdu: “Əli, Fatimə və bu ikisinin övladları”. Habelə Peyğəmbər (s) buyurudu: “Allah peyğəmbərləri müxtəlif ağaclardan yaratmışdır, amma mən və Əli bir ağacdan yaradılmışıq. Mən onun kökü, Əli onun budaqları, Həsən və Hüseyn onun meyvələri, şiələrimiz isə onun yarpaqlarıdır. Onun budağına yapışan xilas olar, ondan uzaq duran isə süquta uğrayar…” Sonra Peyğəmbər (s) bu ayəni oxudu: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir mükafat istəmirəm”. Əhli-sünnə məzhəbinin böyük təfsirçilərinin qeyd etdiyi başqa bir hədisdə Peyğəmbərin (s) belə buyurduğunu görürük: “Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxs dünyadan şəhid kimi köçmüşdür. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxs bağışlanmışdır. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxs dünyadan imanı kamil olan bir mömin olaraq köçmüşdür. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxsi ölüm mələyi Cənnətlə müjdələyər, sonra Nəkirlə Münkər ona Cənnət müjdəsi verər. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxsi Cənnətə elə hörmətlə apararlar ki, sanki gəlini bəy evinə aparırlar. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxsin qəbrindən Cənnətə iki qapı açılar. Bilin, Mühəmmədin ailəsini sevərək dünyadan köçən şəxsin qəbrini mələklər rəhmətin endiyi bir məkana çevirərlər… Bilin, Mühəmmədin ailəsi ilə ədavət apararaq dünyadan köçən şəxs Qiyamət günü Məhşər səhnəsinə alnında “Allahın rəhmətindən məyus” yazısı yazılmış halda daxil olar. Bilin, Mühəmmədin ailəsinə qarşı kin-küdurəti olaraq dünyadan köçən şəxs dünyadan kafir olaraq köçmüşdür. Bilin, Mühəmmədin ailəsi ilə ədavət apararaq dünyadan köçən şəxs Cənnətin ətrini qoxulaya bilməz.”[11] Dənizdə dağlar kimi görünən gəmilər də Onun nişanələrindəndir. Əgər istəsə, küləyi sakitləşdirər, onlar da dənizin kürəyində hərəkətsiz qalarlar. Bunda şükür edən hər bir səbirli adam üçün nişanələr vardır. Yaxud, əgər istəsə, onları sərnişinlərin etdikləri əməllər ucbatından məhv edər və eyni zamanda çoxunu bağışlayar. Bizim ayələrimiz barəsində mübahisə edənlər bilsinlər ki, qaçmağa heç bir yerləri yoxdur. Sizə verilənlər dünya həyatının keçici ləzzətidir. Allahın yanında olanlar isə iman gətirib Rəblərinə təvəkkül edənlər üçün daha xeyirli və tükənməzdir. O kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman əfv edirlər, O kəslər üçün ki, Rəblərinin dəvətini qəbul edir, namaz qılır, işləri­ barədə öz aralarında məsləhətləşir, onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. O kəslər üçün ki, haqsızlığa məruz qaldıqda (təslim olmur) yardım istəyirlər. Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Allah zalımları sevmir. Haqsızlığa uğradıqdan sonra yardım istəyən şəxs məzəmmət olunmaz. Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə zülm edənlər layiqdirlər. Onlar üçün ağrılı-acılı əzab vardır. Hər kim səbr edib bağışlasa, bu təqdirəlayiq işlərdəndir. Allah kimi azğınlığa salsa, Ondan başqa heç bir himayəçisi və yardımçısı olmaz. Sən zalımları əzabı gördükləri zaman: “Qayıtmağa bir yol varmı?” – deyən görəcəksən. ————————————————————————————— Qəzəbli vaxtda əfv etmək: Bu ayədə həqiqi möminlərə xas olan xüsusiyyətlərdən birinə, insanın ən gərgin hallarından hesab edilən qəzəbli vaxtında öz nəfsini cilovlamasına işarə edilmişdir. Diqqət çəkən nüans budur ki, onların ümumiyyətlə, qəzəblənmədikləri buyurulmur. Çünki bu xüsusiyyət insanın təbiətinə xas olan xüsusiyyətdir, bəzi məqamlarda, yəni Allah üçün olduqda və ya haqsızlığa məruz qalmış insanların hüquqlarının müdafiəsi üçün hətta zəruridir. Ayədə buyurulur ki, onlar qəzəbləndikləri vaxt günah etmirlər, qarşı tərəfi əfv edirlər. Əslində, elə belə də olmalıdır. İnsan özü kin-küdurətli olduğu və intiqam odu ilə yandığı halda, Allahdan necə əfv uma bilər? Burada qəzəb məsələsinin xüsusilə qabardılması ona görədir ki, qəzəb insanın içindən baş qaldıran yandırıcı alov kimidir. Qəzəbini cilovlaya bilən insanlar azdır. Ancaq həqiqi möminlər öz qəzəblərinə tabe olmurlar. İmam Baqir (ə) belə buyurmuşdur: “Allah şövq, istək, qorxu və qəzəb vaxtı nəfsinə hakim olan şəxsə Cəhənnəm odunu haram etmişdir.”[12] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Qəzəbləndiyi vaxt qəzəbinə uyğun davranmağa imkanı olduğu halda qəzəbini boğan şəxsin qəlbinə Allah Qiyamət günü rahatlıq və iman bəxş edər.”[13] İmam Sadiq (ə) buyurmuşdur: “Üç xüsusiyyətə malik olan şəxsin imanı kamil olar: haqsızlıq qarşısında mətin olub qəzəbini boğan, hesabı Allaha həvalə edən və bağışlayan şəxs. Bu cür şəxs sorğu-sualsız Cənnətə daxil edilər, onun Rəbiə və Muzir qəbilələri (adam sayına görə ən böyük qəbilələr olduqları üçün bu iki qəbilə ərəblər arasında məsələ çevrilmişdir) kimi çoxluq üçün etdiyi vasitəçiliyi qəbul edilər.”[14] İşlərdə məsləhətləşmək mühüm bir prinsipdir: Məşvərət və məsləhətləşmək ən mühüm sosial mövzulardandır. Məsləhətsiz iş hər zaman qüsurludur. Bir insan əqli cəhətdən nə qədər güclü olsa da, ayrı-ayrı mövzulara yalnız bir və ya bir neçə aspektdən baxa bilər, qalan aspektlər ona məlum olmaz. Ancaq hər hansı bir məsələ şuranın müzakirəsinə çıxarılsa, ağıllar, təcrübələr və müxtəlif baxış bucaqları bir-birinin yardımına tələssə, məsələ tamamilə bişər, nöqsanlar daha az olar, sapmalar olmaz. Peyğəmbər (s) buyurmuşdur: “Başqası ilə məsləhətləşən şəxs doğru yola yönələr.” İmam Əli (ə) buyurmuşdur: “Məsləhət doğru yola yönəlmənin özüdür”. Diqqət çəkən məqam ondan ibarətdir ki, ayədə məsləhətləşmə keçici və müvəqqəti deyil, davamlı bir proqram kimi təqdim edilmişdir. Ayədə bütün işlərin onların arasında məsləhətli şəkildə icra edildiyi vurğulanmışdır. Hətta Peyğəmbər (s) tam ağıl formasına malik olmasına, vəhylə birbaşa əlaqədə olmasına baxmayaraq, ictimai və icra məsələlərində, müharibə, sülh və sair işlərdə səhabələri ilə böyük məmnuniyyətlə məsləhətləşir, hətta problem yarana biləcəyinə belə baxmayaraq, çoxluğun rəyini qəbul edir, bununla da insanlara örnək olurdu. Çünki məsləhətləşmənin xeyri ehtimal edilən zərərlərdən daha çoxdur. Əlbəttə, yaddan çıxarmaq olmaz ki, məşvərət və məsləhətləşmə yalnız icra məsələlərinə və mövzuların öyrənilməsi kontekstinə aiddir. Dini hökmlər, yəni təyin edilməsi yalnız vəhy mənbəyi, kitab və sünnəyə aid edilən imam və Peyğəmbərin (s) canişininin təyin edilməsi kimi məsələlər bu kateqoriyaya aid deyil. “İşləri” ifadəsi də məhz bu faktı çatdırmağa xidmət edir. Çünki dini hökmlər insanların deyil, Allahın işdir.[15] Od qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Əsl ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Bilin, zalımlar daimi əzab içində olacaqlar. Onlara Allahdan başqa kömək edəcək himayəçi və dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir qurtuluş yolu olmaz. Allahın iradəsi qarşısında dönüşü olmayan gün gəlməmişdən əvvəl Rəbbinizin dəvətini qəbul edin! O gün nə bir sığınacağınız, nə də bir müdafiəçiniz olacaq. Əgər üz çevirsələr, (kədərlənmə,) Biz səni onlara mühafizəçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana öz rəhmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə (nankorluq edir). İnsan çox nankordur. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. O, istədiyini yaradır; istədiyinə qız uşağı, istədiyinə oğlan uşağı bəxş edir. Yaxud (da istəsə,) onlara hər ikisini – oğlan və qızı birlikdə verir, istədiyini də sonsuz edir. Çünki O, biləndir, qadirdir. Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Çünki O, ucadır, hikmət sahibidir. ———————————————————————————— Vəhy ən mühüm bilik mənbəyidir: “Vəhy” sürətli işarə, sirli danışıq, məktub və ya işarələr vasitəsilə məxfi ismarışlar göndərilməsinə deyilir. Allahın Peyğəmbərə (s) təlqin etdiyi təlimlər sirli şəkildə baş verdiyi üçün həmin əlaqə vəhy adlanmışdır. Quranda bu bilik mənbəyindən çox ayələrdə bəhs edilir.[16] Təkcə Quran deyil, bütün səmavi kitablarda bu mənbə əsas vasitə kimi təqdim edilmişdir. Ümumiyyətlə, səmavi dinlərin davamçıları vəhyi Allahın sonsuz elmindən qaynaqlanan ən mühüm bilik mənbəyi hesab edirlər. Halbuki digər məşhur mənbələr insanların özlərinə aiddir. Buna görə də vəhylə müqayisədə onlar məhdud və kiçikdir. Əgər ağıl, fitrət, vicdan və təcrübəmizi güclü işıqlandırıcılara bənzətsək, vəhy bütün dünyanı işıqlandıran günəşə bənzəyir, onun işıqlandırdığı miqyas çox-çox böyükdür. Buna görə də dindarlara görə vəhy ən mühüm və ən zəngin bilik mənbəyidir. Bu ayədə peyğəmbərlərlə Allah arasında mövcud olan üç əlaqə formasına işarə edilmişdir. Ayədə buyurulur ki, Allah-taala cism olmadığı üçün heç bir insan Onunla qarşılaşa bilməz. İnsan Allahla yalnız üç vasitə ilə əlaqə yarada bilər: 1. Vəhy vasitəsilə. Nəzərə almaq lazımdır ki, burada “vəhy” deyilərkən onun mütləq və qeyd-şərtsiz mənası nəzərdə tutulmur. Çünki ayədə vəhyin ayrı-ayrı növləri olduğu bildirilir. Onlardan yalnız biri ilahi vəhy hesab edilir. İlahi vəhy deyilərkən isə Allahla peyğəmbər arasında heç bir vasitə olmadan baş verən gizli danışıq nəzərdə tutulur. 2. Pərdə arxasından. Bu vəhy forması vasitəli vəhy adlanır. Ayədə həmin vasitə pərdə adlandırılmışdır. Əlbəttə, vəhy edən pərdə deyil, pərdə sadəcə, bir vasitədir və Allah tərəfindən peyğəmbərə gələn vəhy həmin vasitə arxasından çatdırlır. Buna Allah-taalanın Tur dağında Musa (ə) ilə danışmasını misal göstərə bilərik. Belə ki, “Qəsəs” surəsinin 30-cu ayəsində belə buyurulur: “Odun yanına gəlib çatdıqda vadinin sağ tərəfində olan mübarək (bərəkətli) yerdəki ağacdan nida gəldi…” Habelə peyğəmbərlərə yuxu vasitəsilə edilən vəhyləri də buna misal göstərə bilərik. 3. Elçi vasitəsilə. Bu elçi Allahın əmrini peyğəmbərə nazil edən vəhy mələyidir. “Şuəra” surəsinin 193-cü və 194-cü ayələrində belə buyurulur: “Ruhul-əmin onu sənin pak qəlbinə nazil edib” Bir qrup səhabəsi İmam Sadiqdən (ə) soruşur: “Necə olur ki, Peyğəmbər (s) bəzən deyir ki, Cəbrail belə dedi, mənə fərman gətirən Cəbraildir, bəzən isə vəhy gələn vaxt heyrətlənir?” İmam (ə) buyurur: “Bu, ona görədir ki, vəhy birbaşa Allah tərəfindən nazil olanda, Cəbrail vasitəçi olmur. Bu zaman Peyğəmbər (s) vəhyin ağırlığından halsızlaşır. Ancaq vəhyi Cəbrail gətirəndə Peyğəmbər bu hala düşmür, “Cəbrail mənə dedi, bu, Cəbraildir”, – deyə buyurur.” Başqa bir hədisində İmam Sadiq (ə) belə buyurur: “Cəbrail Peyğəmbərin (s) yanına gələndə qarşısında kölələr kimi əyləşir, o icazə vermədən yanına gəlmir.” Hər halda, çoxsaylı hədislər vəhyin Peyğəmbərə (s) bu üç vasitə ilə (vasitəsiz, vasitə və pərdə arxasından və vəhy mələyi vasitəsilə) nazil olduğunu göstərir.[17] Həmin qaydada (əvvəlki peyğəmbərlərə vəhy göndərdiyimiz kimi) Biz sənə ruhu Öz əmrimizlə vəhy etdik. Sən bundan öncə kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Sən həqiqətən, doğru yola yönəldirsən – göylərdə və yerdəkilərin sahibi olan Allahın yoluna. Bil ki, bütün işlər yalnız Allaha qayıdır. ———————————————————————————– [1] Əl-Mizan, c.18, səh.5 [2] Nümunə, c.20, səh.350 [3] Nümunə, c.20, səh.357; Əl-Mizan, c.18, səh.18 [4] Nümunə, c.20, səh.364 [5] Pəyame-Quran, c.3, səh.369 [6] Nümunə, c.20, səh.366 [7] Pəyame-Quran, c.3, səh.265 [8] Nümunə, c.20, səh.377 [9] Əl-Mizan, c.18, səh.38 [10] Nümunə, c.18, səh.397 [11] Pəyame-Quran, c.9, səh.225 [12] Nümunə, c.20, səh.459 [13] Üsuli-kafi, c.2 ,səh.139 [14] Nurus-səqəleyn, c.1, səh.464 [15] Nümunə, c.20, səh.462 [16] Pəyame-Quran, c.1, səh.216 [17] Əl-Mizan, c.18, səh.74

QURANI KƏRIM 14.02.2025

“Fussilət” surəsi

“Fussilət” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim. Bu, rəhman və rəhim olan Allah tərəfindən nazil edilmiş bir kitabdır, ayələri anlaya bilən bir cəmiyyət üçün yerli-yerində qeyd edilmiş fəsahətli və rəvan bir kitab. O, həm müjdə verən, həm də qorxudandır. Lakin onların çoxu üz çevirdi. Buna görə heç nə eşitmirlər. Onlar dedilər: “Qəlbimiz sənin bizi dəvət etdiyinə qarşı qapalıdır, qulaqlarımızda ağırlıq (karlıq) vardır, bizimlə sənin arana pərdə çəkilmişdir. Sən öz işində ol, biz də öz işimizdə olacağıq!” De: “Mən yalnız, sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin məbudunuz tək olan tanrıdır. Elə isə bütün diqqətinizi Ona yönəldin, Ondan bağışlanma diləyin. Vay müşriklərin halına! Zəkatı ödəməyən və axirəti inkar edənlərin. İman gətirib yaxşı işlər görənləri daimi mükafat gözləyir”. De: “Siz yeri iki günə yaradanı inkar edir və Ona bənzərlər təyin edirsiniz? O, aləmlərin Rəbbidir. O, yerdə möhkəm dağlar yaratdı, onu bərəkətli etdi və tələb edənlərin ehtiyacı qədər qida müəyyən etdi, bütün bunlar dörd gün ərzində oldu. Sonra O, tüstü halında olan göyü yaratdı, ona və yerə: “Ya itaət göstərərək, ya məcburi olaraq əmələ gəlin!” – dedi. Onlar: “Biz itaət göstərərək gəldik!” – dedilər. —————————————————————————————— “Fussilət” surəsinin ümumi məzmunu: Surə məzmun etibarı ilə aşağıdakı hissələrə bölünür: 1. Qurana diqqət və bu mövzunu ehtiva edən məzmunlar; 2. Göyün və yerin yaranışına diqqət; 3. Keçmişdə yaşamış təkəbbürlü və asi xalqların həyatına işarə; 4. Kafirlərin qorxudulması və təhdid edilməsi; 5. Məadla bağlı dəlillər və onun bəzi xüsusiyyətləri; 6. Müxtəlif öyüd və nəsihətlər; 7. Allahın insanın daxili və onu əhatə edən aləmdəki nişanələrindən bəhs edən qısa və gözəl bir mövzu. Zəkat: Ayənin məzmunundan Allah yolunda xərcləmək nəzərdə tutulduğu başa düşülür. Onun şirk əlamətləri sırasında qeyd edilməsi ona görədir ki, Allah yolunda xərcləmək fədakarlıq, bağışlamaq və Allaha olan sevginin əlamətlərindən sayılır. Belə ki, mal insanın ən sevdiyi şeylərdəndir, xərcləmək və ya xərcləməmək bir çox məqamlarda şirk və iman üçün meyar hesab edilə bilər. Başqa sözlə desək, Allah yolunda xərcləməmək Allaha imanın olmamasının göstəricisidir. Buna görə də məadın inkarını ehtiva edən əməllər sırasında yer alır.[1] 9-11. Göy və yerin yaradılış mərhələləri: Bu ayələrdə diqqət yetirilməsi zəruri olan nüanslar var: 1. “Gün” deyilərkən burada adi gün nəzərdə tutulmur. Çünki yer və göy yaranmazdan əvvəl bu gün başa düşdüyümüz gün ümumiyyətlə, mövcud olmamışdır. Əslində, burada bəzən bir neçə milyon və ya milyard il sürən yaranış dövrləri nəzərdə tutulur.[2] 3. Quran ayələrində göylərin və yerlərin altı günə, daha doğrusu, altı dövrdə yaradıldığı qeyd edilmişdir. Lakin bu ayələrdə yerin iki günə, dağların, bərəkətlərin və qidaların dörd günə, göylərin isə iki günə yaradıldığı buyurulmuşdur. Bu da ümumilikdə səkkiz gün edir. Belə olan halda, ziddiyyət yaranmırmı? Bəzi böyük təfsirçilər bu suala belə cavab vermişlər: Altı gün müddətindən bəhs edən ayələrdə təkcə göy və yerin yaradılışına işarə edilir, 10-cu ayədə qeyd edilənlərin, yəni dağların yaradılışı, yer üzünün bərəkətli edilməsi, yerdəki canlıların qidalanması üçün zəruri olan qidaların yaradılması nəzərdə tutulmur. Ümumiyyətlə, 10-cu ayədə ümumi yaradılışdan bəhs edilmir. Ayədə “dörd gün” deyilərkən yer kürəsinin böyük bir hissəsi üçün səciyyəvi olan dörd fəsil nəzərdə tutulur. Buna görə də ayənin mənası belə olur: Allah yer kürəsini iki günə yaratdı, yerə aid olan hadisələri dörd fəsil üzrə tənzimlədi. Tüstü şəklində olan göyü iki günə formaya saldı, onu yeddi təbəqə etdi. Buna görə də sözügedən ayələrlə varlıq aləminin altı günə yaradıldığını bəyan edən ayələr təzad təşkil etmir.[3] 3. “Summə” (sonra) zərfi 11-ci ayədə olduğu kimi, adətən zaman ardıcılığını, bəzən isə söz ardıcıllığını ifadə edir. Birinci mənaya əsasən göylər yerdən sonra yaradılmışdır. İkinci mənaya əsasən göylərin birinci, yerin isə ondan sonra yaradılmasına baxmayaraq, ifadə zamanı yer, insanların tələbatlarına uyğun olan qidaların və zəruri vasitələrin daha öncə qeyd edilməsi, ardınca göylərin yaradılışından danışılmasının heç bir problemi yoxdur. İkinci məna elmi kəşflərlə uyğunluq təşkil etməsi ilə yanaşı, Quranın digər ayələri ilə də uyğun gəlir. (Bax: Naziat-22-24). 4. “Tüstü halında olan” ifadəsi onu bildirir ki, yaradılışın ilkin mərhələsində göylər böyük qaz kütlələrindən ibarət olmuşdur. Bu həqiqət yaradılışın başlanğıcı ilə bağlı aparılan son araşdırmaların nəticələri ilə də səsləşir. Bu gün də ulduzların çoxu sıxılmış qazlar formasındadır. 5. 11-ci ayədə Allahın yer və göylə danışmasından bəhs edilir. Əslində, bu, heç də başa düşdüyümüz sözlü danışıq deyil. Allahın danışması Onun yaratmaq istəyi və obyektiv əmri deməkdir. “İtaət edərək və ya məcburən…” ifadəsi Allahın göylər və yerin formalaşması ilə bağlı qəti istəyini ifadə edir. İstənilən halda, başqalarının istəyib-istəməməsindən asılı olmayaraq onlar bu şəkildə olmalı idilər.[4] İki gün ərzində onları yeddi göy formasında yaratdı və hər göyə onun öz işini vəhy etdi. Aşağı səmanı çıraqlarla (ulduzlarla) bəzədik və qoruduq. Bu, qüdrətli və bilən Allahın əzəli hökmüdür. Əgər onlar üz döndərsələr, de: “Mən sizi Ad və Səmud qövmünə göndərilmiş ildırıma bənzər bir ildırımdan qorxmağa çağırıram”. Onları önlərindən və arxalarından (hər tərəfdən): “Allahdan qeyrisinə ibadət etməyin!” – deyə çağıran elçilər gəldikdə onlar dedilər: “Əgər Rəbbimiz istəsəydi, mələklər endirərdi. Buna görə də biz sizin təyin edildiyiniz risaləti inkar edirik!” Ad qövmü yer üzündə haqsızcasına təkəbbür göstərib: “Bizdən daha güclü olan varmı?” – dedi. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu bilmirdilərmi? (Buna görə) onlar ayələrimizi, elə hey inkar edirdilər. Biz dünya həyatında onlara rüsvayedici əzabı daddırmaq üçün nəhs günlərdə üstlərinə çox şiddətli, dəhşətli, soyuq və güclü bir külək göndərdik. Axirət əzabı isə ondan da rüsvayedicidir. Onlara kömək edilməz. Səmud qövmünə gəlincə, biz onlara doğru yol göstərdik, ancaq onlar korluğu doğru yola yönəlməkdən üstün tutdular. Buna görə də etdikləri əməllər üzündən onları ildırım – alçaldıcı əzab yaxaladı. İman gətirib təqvalı olanları isə xilas etdik. Bir gün Allahla düşmənçilik edənlər Cəhənnəmə doğru toplanılacaq və ilk sıralarda saxlanılacaqlar. Oraya çatdıqları zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində şahidlik edəcəkdir. ——————————————————————————————- Göyün yaranışı ilə bağlı iki nüans: 1. “İki gün ərzində onları yeddi göy formasında yaratdı” cümləsində göylərin iki dövrdə yarandığına işarə edilmişdir. Bu dövrlərin hər biri milyonlar və milyardlarla il sürmüş, hər dövr də öz növbəsində ayrı-ayrı dövrlərə bölünmüşdür. Bu iki dövrdə sıxılmış qazlar mayeyə və ərimiş maddələrə, ərimiş maddələr isə bərk maddələrə çevrilmişdir.[5] 2. “Vəhy” deyilərkən burada təyin etmək nəzərdə tutulur.[6] “Hər göyə onun öz işini vəhy etdi” cümləsi ilə işlərin təkcə göylərin yaradılışı ilə bitmədiyinə işarə edilmişdir. Bu göylərin hər biri üçün xüsusi varlıqlar, nizam-intizam, ayrı bir sistem təyin etmişdir. Bunların da hər biri öz növbəsində Allahın əzəmət, elm və qüdrətindən xəbər verir (Daha ətraflı məlumat üçün bax: “Bəqərə” surəsi, 29-cu ayə).[7] 20-21. Qiyamətdə insanın bədən üzvlərinin şahidlik etməsi: Bu ayələrdən başqa, “Yasin” surəsinin 65-ci və “Nur” surəsinin 24-cü ayələrində də insanın bədən üzvlərinin Qiyamət günü şahidlik edəcəyindən söhbət açılmışdır. Həmin gün artıq bədən üzvləri sahibinin istəklərinə tabe olmayacaq. Hər biri Allaha itaət göstərəcək, dərgahında baş əyəcək, həqiqətləri öz şahidlikləri ilə aşkara çıxaracaq. Necə də heyrətamiz məhkəmədir, şahidlər insanın öz bədən üzvləri, günaha alət olmuş üvlərin özü olacaq! Bəlkə də bədən üzvləri ona görə şahid qismində dindiriləcək ki, günahkarlara etdiyiniz əməllərə görə cəzanız Cəhənnəm odudur deyildiyində onlar inkar edəcək, bu məhkəmənin də eynilə dünya məhkəməsi kimi olduğunu, günahlarını bir-birinin boynuna ataraq həqiqətləri gizlədə biləcəklərini  güman edəcəklər. Məhz elə bu məqamda  Allahın əmri ilə bədən üzvləri dilə gələcək, etdikləri günahları etiraf edəcəklər. Bununla da bütün qaçış yolları insanın üzünə bağlanacaq. Təfsirçilər bədən üzvlərinin necə danışa biləcəyi ilə bağlı müəyyən ehtimallar irəli sürmüşlər: 1. Həmin gün Allah-taala bədən üzvlərinin hər birinə şüur, ağıl, dərketmə və danışıq qabiliyyəti verəcək. Onlar həqiqəti söyləyəcək. Belə ki, bu qabiliyyəti dil adlı bir ət parçasına və ya beyinı verən varlıq üçün eyni qabiliyyəti başqa üzvlərə də verə biləcəyi heç də təəccüblü deyil. 2. Onların şüur və idrakı olmayacaq, ancaq Allah onları danışmağa vadar edəcək. Əslində, üvzlər dilə gələcək və Allahın əmri ilə həqiqətləri bəyan edəcəklər. 3. Hər bir insanın bədən üzvləri bütün ömrü boyu gördüyü işlərin təsirlərini özü ilə daşıyacaq. Çünki du dünyada heç bir əməl məhv olmur. Şübhəsiz ki, əməllərin təsirləri bədən üzvlərinin üzərində və fəzada qalır. Həqiqətlərin aşkar olduğu gün həmin təsirlər əl, ayaq və digər üzvlər üzərində aşkara çıxacaq. Bu təsirlərin aşkara çıxmasının özü elə bir növ şahidlikdir. Öz aramızda danışarkən də “yanağın qızarması gizli bir sirdən xəbər verir” idiomundan istifadə edirik.[8] İmam Əli (ə) belə buyurmuşdur: “Bilin, ey Allah bəndələri! Özünüzdən-özünüzə nəzarətçilər, bədən üzvlərinizdən casuslar, gördüyünüz işləri yazıya alan, nəfəslərinizin sayını qeyd edən casuslar və doğruçu mühafizəçilər təyin edilmişdir. Qaranlıq gecələrin qaranlığı sizi onlardan gizlədə bilməz. Bağlı qapılar arxasında gizlənsəniz də onların gözündən gizlənə bilməzsiniz.”[9] Əlbəttə, bədən üzvlərinin şahidliyi kafir və günahkarlar üçündür. Yoxsa ki, möminlərin hesabı aydındır. Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Bədən üzvləri möminə qarşı şahidlik etmir. Onlar əzab əmri qəti olan insana qarşı şahidlik edir. Möminin əməl dəftərini sağ əlinə verirlər. Allah-taala “İsra” surəsinin 71-ci ayəsində belə buyurmuşdur: “Əməl dəftərləri sağ əllərinə verilənlər onu (şadlıq içində) oxuyarlar. Onlara xurma çərdəyinin yarığındakı tel qədər haqsızlıq edilməz.”[10] Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik etdiniz?” – deyəcəklər. Onlar deyəcək: “Hər bir varlığı danışdıran Allah bizi danışdırdı. O, sizi ilk dəfə yaratmış, qayıdışınız da Ona doğru olacaqdır”. Siz günahlarınızı qulaqlarınızın, gözlərinizin və dərilərinizin şahidlik edəcəyindən qorxaraq gizlətmirdiniz. Əksinə, siz elə güman edirdiniz ki, Allah etdiyiniz əməllərin çoxunu bilmir. Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi, o, sizin məhvinizə səbəb oldu, nəhayət, ziyan çəkənlərdən oldunuz. Dözsələr də, onların yeri oddur. Əfv də diləsələr, əfv olunmazlar. Biz onlara (çirkin) yoldaşlar qoşduq və (bu dostlar) onlara çirkinlikləri öndən və arxadan gözəl göstərdilər. Onlardan əvvəl gəlib-getmiş cinlərdən və insanlardan olan ümmətlər barəsindəki ilahi əmr onlar barəsində də gerçəkləşdi. Onlar həqiqətən, ziyana uğrayanlardır. Kafirlər: “Bu Qurana qulaq asmayın, o oxunarkən hay-küy salın. Bəlkə qalib gələsiniz” – dedilər. Biz kafirlərə, mütləq, şiddətli bir əzab daddıracaq və onları etdikləri əməllərin ən pisi ilə cəzalandıracağıq. Bu od Allahın düşmənlərinin cəzasıdır! Əbədi evləri orada olacaq. Bu, ayələrimizi inkar etdikləri üçün verilən bir cəzadır. Kafirlər deyəcəklər: “Ey Rəbbimiz! Bizi tovlayıb yoldan çıxaran cinlərdən və insanlardan bizə göstər ki, onları ayağımızın altına alıb insanların ən aşağı dərəcəlisinə çevirək. —————————————————————————————– Allah haqqında yaxşı və pis düşünmək: Bu ayə açıq şəkildə göstərir ki, Allah haqqında bədgüman olmaq o qədər təhlükəlidir ki, bəzən insanın əbədi məhvinə və əzaba düşməsinə səbəb olur. Belə ki, bir qrup kafir Allahın onların nə etdiklərini görmədiyini, danışıqlarını eşitmədiyini güman edirdilər. Bu pis gümanları onların ziyana uğramasına və məhvinə səbəb olmuşdur. Halbuki Allah haqqında yaxşı düşünmək dünya və axirətdə xilasa səbəb olur. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Yaxşı olar ki, bəndə Allahdan Cəhənnəm odunun kənarında dayanıb, ona daxil olacaqmış kimi qorxsun. Allaha sanki Cənnət sakiniymiş kimi ümid bəsləsin. Allah-taala buyurur: “Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi, o, sizin məhvinizə səbəb oldu”. Bilin ki, Allah Öz bəndəsinin etdiyi zənnin yanındadır. Əgər zənni yaxşı olsa, nəticəsi yaxşı, əgər zənni pis olsa, nəticəsi pis olar.” Başqa bir hədisində İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah haqqındakı gümanı xeyirli olan elə bir bəndə yoxdur ki, Allah onun gümanının yanında olmasın. Allah-tala: “Bu, sizin öz Rəbbiniz barəsində etdiyiniz pis zənn idi”, – deyə buyurmuşdur.”[11] Quranı eşitməmək üçün hay-küy salın: Hədislərdə qeyd edilir ki, Peyğəmbər (s) Məkkədə uca səslə Quran oxumağa, Allahın şirin, cazibədar, məzmunlu sözlərini dilə gətirməyə başladıqda müşriklər camaatı ondan uzaqlaşdıraraq deyirdilər: “Onu eşitməmək üçün fit çalın, ucadan şeir deyin”. Bu, haqq sözə mane olmaq üçün lap keçmiş dövrlərdən mövcud olan ümumi mübarizə metodlarından biri idi. Bu gün də camaatın fikrini qarışdırmaq, haqq-ədalət carçılarının səsini boğmaq, hay-küy salaraq kiminsə bu haqq carçılarının səsini eşitməsinə mane olmaq üçün eyni metoddan daha geniş və daha təhlükəli şəkildə istifadə edilir. Bunun üçün bəzən hay-küy salıb fitə basmaq, bəzən yalan və xurafatlar danışmaq, lirik və ehtirasları coşduran əfsanələrdən də istifadə edilir. Bəzən söz həddini aşaraq məşğuliyyət, əyləncə, fəsad mərkəzləri, bauyağı filmlər, məzmunsuz və baş qarışdıran mətbu vasitələri, qondarma siyasi oyunlar, süni həyəcanlar, xülasə, elə şeylər yaradırlar ki, insanların fikrini haqq yoldan sapdırsınlar. Daha acınacaqlısı də budur ki, bəzən elm adamları, alimlər arasında boş və mənasız mövzuları müzakirəyə çıxarır, onların arasına elə təfriqə salırlar ki, hər hansı fundamental məsələlər haqqında fikirləşməyə fürsətləri olmur. O dövrün müşrikləri Qurana qalib gələ bilmədilər, şeytani fəaliyyətləri puç oldu, Quran günbəgün vüsət aldı, daha çox fayda verməyə başladı, nəhayət, bütün dünyaya işıq saldı.[12] Bu ayə kafirlərin Quran qarşısında tamamilə aciz qaldığını göstərir. Quran kafirlərdən ona hər cəhətdən tay ola biləcək bir kitab gətirilmələrini  istəyir. Ancaq onlar o qədər aciz qalırlar ki, bir-birindən susmamağı, yalnız hay-küy salmalarını, Peyğəmbər (s) Quran oxuyarkən boş-boş sözlər danışmalarını, bununla da Qurana mane olmalarını, insanların Quranı dinləməsinin qarşısını almalarını, qoyduğu təsiri aradan aparmalarını istəyirlər. Onlara görə bu, qələbə hesab edilirdi.[13] Ey Rəbbimiz! Bizi tovlayıb yoldan çıxaranları bizə göstər! İnsan hər hansı bəlaya düçar olduğu, xüsusilə çıxılmaz vəziyyətdə qaldığı vaxt əsas səbəbi tapmaq, intiqamını almaq, hətta imkanı çatsa, onu parça-parça etmək fikrinə düşür. Ayədə kafirlərin Cəhənnəmdə ikən belə bir vəziyyətdə olacaqlarına işarə edilir. Burada “cinlər və insanlar” deyilərkən müəyyən şəxslər deyil, şeytanlardan və insanlardan olan şeytansifət azdırıcılar nəzərdə tutulur.[14] Həqiqətən də: “Rəbbimiz tək olan Allahdır!” – deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub (deyirlər:) “Qorxmayın və kə­­dərlənməyin! Sizə vəd olunan Cənnət müjdəniz olsun! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınız və yardımçılarınızıq. Cənnətdə sizin üçün ürəyiniz istəyən hər şey hazırdır. Nə istəsəniz sizə veriləcək. Bunlar bağışlayan və rəhmli Allah tərəfindən verilən ziyafətdir”. Allaha doğru çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz danışan kim ola bilər? Yaxşılıqla pislik əsla eyni deyil. Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda səninlə ədavəti olan şəxs sanki yaxın və səmimi bir dost olar. Bu məqama isə yalnız səbir edib dözümlülük göstərənlər, (iman və təqva cəhətdən) böyük nəsibi olanlar nail olurlar. Əgər sənə Şeytandan vəsvəsələr gəlsə, Allahdan sığınacaq istə, çünki O, eşidəndir, biləndir. Gecə və gündüz, günəş və ay Onun nişanələrindəndir. Əgər Ona ibadət etmək istəyirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. Əgər onlar təkəbbür göstərsələr (bilsinlər ki,) sənin Rəbbinin yanında gecə-gündüz usanmadan Onun şəninə təriflər deyən şəxslər var. —————————————————————————————— İman və düz yol – xoşbəxtliyin iki amili: Bu ayə bütün yaxşı əməllərə və üstün cəhətlərə şamil olur. İlk öncə Allaha sevgi bəsləmək, Ona iman gətirmək, sonra bütün həyatı iman rənginə boyamaq, bu istiqamət üzrə davam etdirmək. Allahı sevdiklərindən dəm vurub əməlində düz olmayanlar çoxdur. Zəif və gücsüz insanlar nəfsani istəklər tufanı ilə qarşılaşdıqda imanla vidalaşır, əməldə müşrik olurlar, mənafeləri təhlükəyə düşəndə olan-qalan zəif imanlarını da əldən verirlər. Bu ayəni oxuduqdan sonra İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Bir qrup adam bu sözü dedi, sonra çox hissəsi kafir oldu. Ancaq bu sözü deyib ölənə qədər sözünün üstündə dayanan şəxs ondan ayrılmaz.” İmam Rza (ə) ayədə işlədilmiş “düz yol” deyilərkən nəyin nəzərdə tutulduğunu soruşan şəxsə belə cavab vermişdir: “Düz yol sizin etiqad bəslədiyiniz vilayət xəttidir.” Bu izah qeyd olunan sözün mənasını məhdudlaşdırmır. Əslində, Əhli-beyt imamlarının (ə) rəhbərliyini qəbul etmək tövhid və İslam dininin əsas xəttinin, saleh əməlin davam etməsinin birinci dərəcəli sığortaçısı olduğu üçün İmam (ə) bu sözü qeyd olunan şəkildə izah etmişdir.[15] 34-35. Pisliyin yaxşılıqla dəf edilməsi: Quranın bu ayəsində buyurulan davranış tərzi, xüsusilə inadkar və nadan düşmən qarşısında aparılan ən mühüm, ən incə və ən məhsuldar təbliğat metodlarındandır. Psixoloqların apardığı son araşdırmalar da bunu təsdiq edir. Çünki pislik edən hər bir şəxs, xüsusilə özü də pis olan, hər hansı pisliklə qarşılaşdıqda bəzən bir neçə qatını qaytaran şəxs qarşı tərəfin də eyni addımı atacağını gözləyir. Ancaq qarşı tərəfin pislik deyil, yaxşılıq etdiyini gördükdə daxilində bir tufan qopur, ruhunda çevrilmə baş verir, utanır, özünün kiçildiyini, cılızlaşdığını, qarşı tərəfin isə böyük olduğunu hiss edir. Nəticədə, içində baş qaldırmış tufan kin-küdurəti aparır, ədavəti sevgi və səmimiyyət əvəz edir. Əlbəttə, bu daimi deyil, ümumi bir qanundur. Çünki bu qanundan sui-istifadə edən azlıqlar da mövcuddur. Onlar cəza qamçılarının zərbələrini yemədən adam olmaz, çirkin davranışlarından əl çəkməzlər. Bu zümrənin hesabı ayrıdır, onlara qarşı sərt olmaq lazımdır. Ancaq yaddan çıxarmaq olmaz ki, bu zümrə hər zaman azlıqdadır, pisliyin yaxşılıqla əvəz edilməsi qanunu əksəriyyətə aiddir.[16] Şeytanın vəsvəsələri qarşısında nə edək? Xoşbəxt olmaq, Allahın razılığını qazanmaq üçün insanın qət etdiyi uzun-uzadı yolda Şeytanın pusqu qurduğu keçilməz keçidlər var. Əgər insan tək qalsa, bu yolu qət edə bilməz, bu təhlükəli yolda irəliləyə bilmək üçün insan Allaha təvəkkül etməli, tufan və qasırğa gücləndiyində Onun lütfünə daha çox sığınmalıdır. Bir nəfər başqa birisi haqqında pis danışır, həmin şəxsə qarşı qəlbində qəzəb odu yanır. Peyğəmbər (s): “Mən elə bir söz bilirəm ki, qəzəbli şəxs onu desə, qəzəbi soyuyar, həmin cümlə budur: “Qovulmuş Şeytanın şərindən Allaha sığınıram”, – deyə buyurur. Həmin qəzəbli adam deyir: “Mənim dəli olduğumu düşünürsünüz (Şeytanın bədənimə girdiyini güman edirsiniz)?” Peyğəmbər (s) Quranın bu ayəsini buyurur: “Əgər sənə Şeytandan vəsvəsələr gəlsə, Allaha sığın”. Peyğəmbər (s) bu cümlə ilə nəfsani istəklər kimi, qəzəbin Şeytanın qaldırdığı vəsvəsə tufanlarından olduğunu çatdırmaq istəyir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Şeytan sizlərdən hər kimi vəsvəsə etsə, Allaha sığınıb “Allaha iman gətirdim və dinimi Onun üçün xalis etdim”, – desin.”[17] Yer üzünü qupquru görməyin də Onun nişanələrindəndir. Ancaq Biz onun üzərinə su endirdikdə o, hərəkətə gəlib artır. Onu dirildən, ölüləri də dirildəcəkdir. O, hər şeyə qadirdir. Ayələrimizi təhrif edənlər Bizdən gizli qalmazlar. Oda atılan adam yaxşıdır, ya Qiyamət günü Məhşər səhnəsinə əmin-amanlıq içində gələn adam? İstədiyinizi edin! O, nə etdiyinizi görür. Zikr onlara gəldiyi zaman onu inkar edənlər (də Bizdən gizli qalmayacaqlar). Bu, yenilməz bir kitabdır. Nə öndən, nə də arxadan batil ona nüfuz edə bilməz. Çünki o, hikmət sahibi, tərifəlayiq olan (Allah) tərəfindən nazil edilmişdir Haqqında deyilən xoşagəlməz sözlər səndən əvvəlki elçilər haqqında deyilmiş eyni sözlərdir. Sənin Rəbbin bağışlayandır, ağrılı-acılı cəza verəndir. Əgər Biz onu başqa bir dildə Quran etsəydik, hökmən, deyərdilər: “Nə üçün ayələri aydın deyil? Ərəb peyğəmbərdən əcnəbi dildə olan Quran?!” De: “Bu, iman gətirənlərə doğru yol göstərən və şəfadır”. İman gətirməyənlərin isə qulaqlarında ağırlıq vardır. Onlar ona qarşı sanki kordurlar, onu görmürlər. Onlar (sanki) uzaq bir yerdən çağırılırlar. Biz Musaya kitab verdik, sonra onun barəsində ixtilaf düşdü. Əgər bu barədə Rəbbin tərəfindən bir əmr olmasaydı, onların arasında hökm verilmiş olardı. Amma onlar hələ də onun barəsində iftira dolu bir şübhə içindədirlər. Kim yaxşı iş görsə, xeyri özünə, kim də pislik etsə, zərəri özünə olar. Sənin Rəbbin bəndələrə əsla zülm etməz. ———————————————————————————- Nə öndən, nə də arxadan batil ona nüfuz edə bilməz: Təfsirçilər bu cümlənin təfsiri ilə bağlı çox fikirlər söyləmişlər. Onların arasında ən əhatəlisi budur: Heç bir batil heç bir vasitə ilə Qurana nüfuz edə bilməz, yəni Quranın təqdim etdiyi məsələlər arasında heç bir ziddiyət yoxdur, inkişaf etmiş elmlər və kitablar ona zidd ola bilməz, gələcəkdə əldə ediləcək elmi nailiyyətlər ona müxalif olmayacaq, heç kəs onun həqiqətlərini yalana çıxara bilməz, gələcəkdə qüvvədən düşməyəcək, təqdim etdiyi məlumatlar, qanunlar, verdiyi xəbərlər və nəsihətlər arasında ixtilaf yoxdur, sonra da belə bir hal baş verməyəcək, heç bir ayəsi, hətta heç bir kəlməsi də azalmamış, ona heç nə artırılmamışdır. Başqa sözlə desək, təhrif edənlərin əli onun uca zirvəsinə çatmamış, çatmır və çatmayacaq.[18] Quranla bağlı başqa bir bəhanəyə cavab: Kökü “ucmə” olan “əcəm” sözünün mənası fəsahətsiz və anlaşılmaz söz və danışıqdır. Ərəblər ərəb olmayanların dillərini yaxşı başa düşmədikləri üçün onları əcəm adlandırıblar. Ayədə inadkar kafirlərin bəhanələrindən söz açılır və gətirdikləri bəhanələrdən birinə cavab verilir. Onlar bəhanə edirdilər ki, nə üçün Quran əcnəbi dildə nazil olmayıb? Əgər belə olsaydı, biz ona daha çox əhəmiyyət verərdik və digər tərəfdən, ərəb olmayanlar da ondan faydalanardılar. Əslində, belə deyərkən məqsədləri başqa idi. İstəyirdilər ki, camaat onu başa düşməsin və “bu Qurana qulaq asmayın, oxunduğu zaman hay-küy salın” (26-cı ayə) göstərişinə də ehtiyac qalmasın. Quran onlara belə cavab verir: Əgər biz Quranı başqa bir dildə göndərsəydik, hökmən, deyəcəkdilər: Nə üçün ayələri aydın deyil? Nə üçün qarışıqdır? Biz ondan baş açmırıq. Ya da deyəcəkdilər: Ərəb xalqına yad olan bir kitab? Ərəb dilində olduğu, hər kəs tərəfindən yaxşı dərk edildiyi, dərinliklərinə qədər aydınlıq gətirildiyi halda, hələ də “Qurana qulaq asmayın, hay-küy salıb camaatın ona qulaq asmasına mane olun” deyə car çəkirlər.[19] Allahın bəndələrə zülm və haqsızlıq etməsi qeyri-mümkündür: Ayənin son hissəsi ixtiyar və iradə azadlığına aydın bir dəlildir. Allah-taala bu ayədə kiməsə səbəbsiz yerə cəza vermədiyini və heç bir əsas olmadan əzabını artırmadığını buyurur. Allahın proqramı xalis ədalət üzərindədir. Çünki zülm və haqsızlıq çatışmazlıq, nöqsan, cəhalət, məlumatsızlıq və ya nəfsani istəklərdən qaynaqlanır. Halbuki Allahın müqəddəs zatı bütün bunlardan ucadır. “Zəllam” mübaliğə formasında olan sözdür, mənası çox-çox zülm edən deməkdir. Ayələrə əsasən deyə bilərik ki, Allahın heç bir səbəb olmadan zülm və haqsızlığa yol verməsi Onun böyük bir zülmkar olmasından qaynaqlanmalıdır. Allah isə belə bir xüsusiyyətdən ucadır. Bəziləri hesab edir ki, bəndələri çox olduğu üçün, hər kəs haqqında ediləcək kiçik bir zülm üst-üstə gələrək mübaliğə yaradır. Bu yozumlar arasında heç bir təzad yoxdur. Hər halda Quran bu ayələrdə fəsadın yayılması, müxtəlif çirkinliklərə imza atılması və məsuliyyətin götürülməsinə səbəb olacaq “cəbr” (məcburiyyət, ixtiyarsızlıq) məktəbi üzərindən xətt çəkir, hər kəsin öz əməlləri qarşısında məsuliyyət daşıdığını, etdikləri əməllərin nəticəsinin birinci növbədə özlərinə qayıdacağını buyurur. Səhabələrindən biri İmam Rzadan (ə): “Allah Öz bəndələrini günaha məcbur edirmi?” – deyə soruşduqda İmam (ə) buyurur: “Xeyr, onları sərbəst buraxır, günahlarını bağışlatmaları üçün onlara möhlət verir.” Səhabə soruşur: “Bəndəyə öhdəsindən gələ bilməyəcəyi vəzifəni tapşırırmı?” İmam (ə) buyurur: “Özü “bəndələrə əsla zülm və haqsızlıq etməz”, – deyə buyurduğu halda, bunu necə edər?” Sonra belə əlavə edir: Atam Musa ibn Cəfər atası Cəfər ibn Mühəmmədə istinadən belə bir hədis nəql etmişdir: “Əgər kimsə Allahın Öz bəndələrini günaha məcbur etdiyini və ya imkanları xaricində olan vəzifəni tapşırdığını güman edirsə, həmin şəxsin kəsdiyi heyvanın ətindən yeməyin, şahidliyini qəbul etməyin, arxasında namaz qılmayın, zəkatdan ona pay ayırmayın.”[20]   Qiyamət haqqında bilgi yalnız Ona məxsusdur. Onun xəbəri olmadan heç bir meyvə toxumundan cücərib çıxmaz, heç bir qadın hamilə qalmaz və daşıdığı yükü (bətnindəkini) yerə qoymaz. O gün onları çağırıb: “Mənə qoşduğunuz şəriklər haradadır?” – deyə soruşduqda deyəcəklər: “Biz Sənə bildirdik ki, dediklərimizə heç bir şahid yoxdur!” – deyəcəklər. Əvvəllər çağırdıqları bütün məbudlar məhv olacaq və onlar heç bir qaçış yerinin olmadığını biləcəklər. İnsan özünə xeyir diləməkdən usanmaz. Lakin ona bir pislik dəysə, çox məyus olub ümidini itirər. Başına gələn bəladan sonra öz tərəfimizdən ona bir rəhmət daddırsaq, deyər: “Bu, mənim haqqımdır və Qiyamətin gələcəyini güman etmirəm. Rəbbimə doğru qaytarılsam, Onun yanında mənim üçün gözəl mükafatlar var!” Biz kafirləri nə etdiklərindən xəbərdar edəcəyik və onlara ağır bir əzab daddıracağıq. (Qəflət yuxusunda olan) insana nemət verdiyimiz zaman üz çevirib təkəbbürlü halda haqdan uzaqlaşar. Lakin kiçik bir problemlə qarşılaşdıqda uzun-uzadı yalvarıb-yaxarar. De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindən olarsa, siz də (bilə-bilə) onu inkar edərsinizsə, qəti şəkildə müxalifətçilik edən şəxsdən daha azğın kim ola bilər? Onun haqq olduğu onlara aydın olana qədər Biz nişanələrimizi onlara həm kainatda, həm də onların özlərində, mütləq, göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması kifayət deyil? Bilin ki, onlar öz Rəbləri ilə qarşılaşacaqlarına şübhə edirlər. Bilin ki, O, hər şeyi əhatə edir. ————————————————————————————— Ehtimal edilən zərərin dəf edilməsi əqli cəhətdən vacibdir: Bu ayə inadkar kafirlərə xitab edir, məşhur bir əqli qanunu aydın şəkildə onlara izah edir. Əlbəttə, bu prinsip heç bir məntiqi dəlili qəbul etməyənlərə aiddir, daha doğrusu, inadkar, təkəbbürlü və təəssübkeş insanlara ünvanlanmış son sözdür. Belə ki, əgər siz Quranın həqiqətlərini, tövhidi, ölümdən sonrakı həyatın varlığını yüz faiz qəbul etməsəniz də onu inkar etmək üçün heç bir dəliliniz yoxdur. Deməli, Quranın çağırışı və axirət mövzusunun gerçəklik olması ehtimalı daha güclüdür. İndi belə bir sapma, kəskin reaksiya və Allah dini qarşısında cəbhə almağınızla sizi hansı qorxulu və qaranlıq aqibətin gözlədiyini düşünün. Bu, din öndərlərinin inadkar insanlara söylədikləri son sözdür. Hədislərdə İmam Sadiqin (ə) dövrünün məşhur materialist və dönüklərindən olan İbn Əbülövca ilə olan mübahisəsinin çox uzun sürdüyü qeyd edilmişdir. Bir gün həcc mərasimində olarkən İmamın (ə) onunla rastlaşan bəzi səhabələri İbn Əbülövcanın müsəlman olduğunu deyirlər. İmam (ə) buyurur: “O, daha kor qəlblidir. Heç vaxt müsəlman olmayacaq.” İbn Əblövca İmamı (ə) görən kimi deyir: Mənim ağam, mənim böyüyüm! İmam (ə) soruşur: “Səni bura gətirən nədir?” İbn Əbülövca: “Fiziki ibadət, bu ərazinin adət-ənənəsi. Gəlmişəm ki, camaatın axmaq-axmaq hərəkətlərinə, başlarını qırxmalarına, daş atmalarına tamaşa edim.” İmam Sadiq (ə): “Sən hələ də öz təkəbbür və azğınlığında qalmısan?” İbn Əbülövca ağzını açıb nə isə demək istədikdə İmam Sadiq (ə) buyurur: “Həcc mübahisə yeri deyil”. Əbasını onun əlindən dartıb bu cümləni buyurur: “Əgər məsələ sən dediyin kimi olsa (Allah və Qiyamət yoxdursa ki, heç də belə deyil), həm sən xilas olacaqsan, həm biz. Əgər məsələ biz dediyimiz kimi olsa (əslində, elə biz dediyimiz kimidir), biz xilas olacaq, sən isə həlak olacaqsan.” İbn Əbülövca üzünü yoldaşlarına tutub deyir: Ürəyimin dərinliyində bir ağrı hiss etdim, məni qaytarın. Onu qaytarırlar və bir müddətdən sonra dünyasını dəyişir.[21] Tezliklə öz nişanələrimizi onlara göstərəcəyik: “Həm kainatda, həm də onların özlərində” olan nişanələr deyilərkən nələrə işarə edilməsi və onların nəyi sübuta yetirməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu fikirlər arasında ikisi daha çox diqqətəlayiqdir: 1. Dünya həyatına vida edərkən kafirin son anlarda gördükləri. O vaxt bütün düşüncələrinin alt-üst olduğunu, etdiyi iddiaların tamamilə havaya sovrulduğunu, əlinin hər yerdən üzüldüyünü görəcək, Allahın haqq, Ondan qeyri nə varsa, hamısının yalan olduğunu başa düşəcək. 2. Gələcəkdən xəbər verən Quran ayələri. Müsəlmanların müşriklər üzərində qələbə çalacağını vəd verən ayələri buna misal göstərə bilərik. Belə ki, Allahın müsəlmanlara dünyanın hər tərəfində müşriklər üzərində ardıcıl qələbələr nəsib etməsi, kafirlərin müsəlmanlar tərəfindən qətlə yetirilməsi Quranın bu ayələrinin gerçəkləşdiyini aydın şəkildə göstərir. Quran ayələri haqq yolunda olanlara Allah dininin tezliklə bütün dünyaya hakim olacağını, yer üzündə Allahdan qeyrisinə ibadət edilməyəcəyini vəd vermişdir. Əhli-beyt (ə) hədislərində bu ayədə Həzrət Mehdinin (ə) zühur edəcəyi dövrün nəzərdə tutulduğu buyurulumuşdur.[22]   [1] Nümunə, c.20, səh.216 [2] Nümunə, c.20, səh.225 [3] Əl-Mizan, c.17, səh.364 [4] Nümunə, c.20, səh.227 [5] Nümunə, c.20, səh.229 [6] Təfsiri-mövzui, c.3, səh.76 [7] Nümunə, c.20, səh.230 [8] Nümunə, c.20, səh.431 [9] Təfsiri-mövzui, c.4, səh.420 [10] Nümunə, c.20, səh.433 [11] Nümunə, c.20, səh.253 [12] Nümunə, c.20, səh.264 [13] Əl-Mizan, c.17, səh.388 [14] Nümunə, c.20, səh.267 [15] Nümunə, c.20, səh.270 [16] Nümunə, c.20, səh.281 [17] Nümunə, c.20, səh.286 [18] Nümunə, c.20, səh.298 [19] Nümunə, c.20, səh.304 [20] Nümunə, c.20, səh.308 [21] Nümunə, c.20, səh.325 [22] Əl-Mizan, c.17, səh.404

QURANI KƏRIM 14.02.2025

“Ğafir” surəsi

“Ğafir” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ha, Mim. Bu kitab qüdrətli, elmli Allah tərəfindən nazil edilmişdir. Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, nemətləri çox olan Allah (tərəfindən)! Ondan başqa məbud yoxdur. Dönüş təkcə Ona doğrudur. Bizim ayələrimiz barəsində yalnız (inadkarlıq göstərən) kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib-dolaşmaları (və nümayiş etdirdikləri qüdrətləri) səni aldatmasın. Onlardan əvvəl Nuhun qövmü və sonrakı qövmlər (peyğəmbərlərini) yalançı saydılar. Hər ümmət plan qurub öz peyğəmbərini yaxalamağa çalışırdı. Haqqı boğmaq üçün batil mübahisəyə əl atırdılar. Ancaq Mən onları yaxaladım. Bax gör, Mənim cəzam necə oldu! Rəbbinin kafirlərin od sakinləri olacağı barədəki əmri belə qətiləşdi. Ərşi daşıyan və onun ətrafında öz Rəblərinə həmd edərək tərif deyən, Ona iman gətirən və möminlər üçün də bağışlanma diləyən mələklər (deyirlər): “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə edib. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından qoru! ————————————————————————————— “Ğafir” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə altı yerə bölmək olar: 1. Allahın gözəl adlarına, xüsusilə ürəklərdə qorxu və ümid yaradan adlarına diqqət. 2. Despot kafirlərin dünya və axirət əzabı ilə təhdid edilməsi. 3. Musa (ə) və Fironun əhvalatından bir parça. 4. Qiyamətlə bağlı bir təsvir. 5. Tövhid və şirkin inkar edilməsi. 6. Peyğəmbərə (s) səbirli və dözümlü olmaq tövsiyəsi.[1] Kafirlərin qüdrət nümayişindən qorxmayın: İslamın ilk vaxtlarında müsəlmanların əksər hissəsi yoxsul və hər şeydən məhrum insanlardan təşkil olunmuşdu. Ayədə Peyğəmbərə (s) və möminlərə despot kafirlərin maliyyə imkanları, siyasi və sosial qüdrətlərinə aldanmamaları tövsiyə edilir, bu vasitələrin onların haqq olduqlarını göstərmədiyi bildirilir. Tarixdə bu cür insanlar çox olub, ancaq onlar Allahın əzabı qarşısında aciz qalıb, payızın iti küləyi qarşısında solmuş yarpaqlar kimi sovrulublar. Quranın çox ayələrində bu mövzuya rast gəlmək olar: “Məhrum möminlər düşünməsin ki, zalım, despot və imansız fərd və cəmiyyətlərin malik olduğu geniş imkanlar onların qələbə, səadət və xoşbəxtliklərinin göstəricisidir.” Dardüşüncəli insanların ağlına gələn, fərdlərin maddi imkanlarının onların haqq olduğunu ehtiva edən fikirlərin yanlış olduğunu göstərmək üçün Quran keçmiş xalqların başına gələnləri xatırladır, konkret olaraq Misirdə Firon, Babildə Nəmrud, İraq, Hicaz və Şamda Nuh, Ad və Səmud qövmlərinin adını çəkir. Bununla da yoxsul və məhrum insanların zəiflik hissləri keçirməsinin, imanı olmayan zülmkarlar qarşısında acizlik göstərməsinin qarşısını alır. Əlbəttə, Allah qanununa görə yanlışa yol vermiş insan dərhal cəzalandırılmır, daha çox sınanması üçün möminlərə, hətta küfr və günah bataqlığına batması, bütün qayıdış yollarını bağlamaq üçün kafirlər və günahkarlara bol nemət verilir.[2] Ərşi daşıyanlar daim möminlərə dua edirlər: Bu ayədə bir tərəfdən möminlərə deyilir ki, ibadət edənlər təkcə onlardan ibarət deyil, Allahın ərşini daşıyan və onun ətrafına fırlanan yaxın mələklər də Allaha həmd və tərif deyirlər. Digər tərəfdən isə kafirlərə iman gətirib-gətirməmələrinin heç bir fərqinin olmadığı, Allahın heç kəsin imanına ehtiyacı olmadığı bildirilir. Mələklər Allaha ağlasığmaz dərəcədə həmd və təriflər deyirlər. Halbuki Allahın onların da həmd və təriflərinə ehtiyacı yoxdur. Başqa bir tərəfdən, möminlərə yaşadıqları cəmiyyətlərdə nə qədər azlıqda olsalar da tək olmadıqları, xətalarının bağışlanacağı, Cəhənnəm əzabından qorunacaqları xatırlanır. Ayədə ərşi daşıyan mələklər vasitəsilə möminlərə dua etmək forması başa salınır: Allahın adını çağırmaq, Onu gözəl və əzəmətli adı ilə yad etmək, sonsuz elm və rəhmətindən mədəd ummaq, bundan sonra duaya başlamaq, qəbulu sığortalayan şərtlərə əməl edərək ehtiyacları böyükdən kiçiyə doğru dilə gətirmək, sonda duanı Allahın gözəl və əzəmətli adlarını xatırlamaqla, rəhmətinə ümid bəsləyərək sona çatdırmaq.[3] Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin əbədi Cənnət bağlarına daxil et. Sən yenilməz qüdrət və hikmət sahibisən. Onları günahlarının pis aqibətindən qoru. O gün Sən kimi pis aqibətdən qorusan, ona rəhm etmiş olarsan. Böyük qurtuluş məhz budur”. Qiyamət günü kafirlərə belə xitab olunacaq: “Allahın sizə qəzəb və nifrəti sizin özünüzün-özünüzə olan qəzəb və nifrətinizdən daha çoxdur. Çünki siz imana dəvət edildiyiniz halda, ondan imtina edirdiniz. ” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. İndi biz öz günahlarımızı etiraf edirik, Cəhənnəmdən xilas olmaq üçün bir yolumuz varmı?” (Onlara deyiləcək:) “Bu, ona görədir ki, Allah təklikdə (şirk qoşulmadan) çağırıldığı zaman siz inkar edirdiniz. Ona şərik qoşulduqda isə inanırdınız. Artıq hökm uca və böyük Allaha məxsusdur”. O, sizə Öz ayələrini göstərən və göydən ruzi nazil edən varlıqdır. Bu həqiqətləri yalnız Allaha doğru qayıdanlar xatırlayar. Kafirlərin xoşuna gəlməsə də, təkcə Allahı çağırın və dininizi Onun üçün xalis edin! O, dərəcələri (əməlisaleh bəndələrin dərəcələrini) yüksəldir, O, ərşin sahibidir. Öz əmri ilə Ruhu qullarından istədiyinə nazil edir ki, insanları görüş günü ilə qorxutsun. O gün onların hamısı aşkara çıxacaq və onların heç bir şeyi Allahdan gizli qalmayacaqdır. (Onlara belə deyiləcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib Allaha!” —————————————————————————————— Allahın sizə olan qəzəbi sizin özünüzün-özünüzə olan qəzəbindən çoxdur: Kafirlər tövhid çarçılarının sinəsindən itələyərək onları rədd etməklə, nəticədə, Allahın hidayət çıraqlarından üz çevirməklə, hətta onları qətlə yetirməklə dünyada özlərinə qarşı ən böyük düşmənçiliyi ediblər. İnsanın özünün-özünə nəfsinin istəklərinə tabe olmaq, dünyanın keçəri həzzindən zövq almaq bahasına əbədi xoşbəxtlik yolundan üz çevirməsi, əbədi əzab qapılarını üzünə açması qədər düşmənçiliyi ola bilməz.[4] İki dəfə ölmək, iki dəfə dirilmək: “İki dəfə ölmək” deyilərkən bir dəfə əcəl çatdığı zaman ölmək, bir dəfə də Bərzəx həyatının sonunda ölmək, “iki dəfə dirilmək” deyilərkən isə bir dəfə Bərzəx həyatı üçün, bir dəfə də Qiyamət həyatı üçün dirilmək nəzərdə tutulur. Belə ki, insan öldükdən sonra onun üçün Bərzəx adlı yeni bir həyat başlayır. Həmin həyatda “onlar diridirlər və Rəblərinin dərgahında onlara ruzi verilir” (Ali-İmran-169) ayəsinə əsasən şəhidlər diridirlər, Peyğəmbər (s) və imamlar (ə) bizim salamımızı eşidir, cavab verirlər, Firon kimi təcavüzkar və zalım insanlara səhər-axşam əzab verilir: “Onların əzabları oddur, hər səhər-axşam oraya salınırlar.” (Ğafir-46). Digər tərəfdən, bilirik ki, bu dünya həyatı sona çatdıqda və birinci sur üfürüldüyü vaxt təkcə insanlar deyil, “göydə və yerdə olan hər kəs öləcək” (Zumər-68) ayəsinə əsasən bütün mələklər, ölənlərin müvəqqəti Bərzəx qəlibində olan ruhları da öləcək. Allahdan başqa heç bir varlıq qalmayacaq. Ümumiyyətlə, bizim bir cismani, bir də Bərzəx həyatımız var. Ömrümüzün sonunda cismani həyatımız, bu dünyanın sonunda isə Bərzəx həyatımız başa çatacaq. İki ölümdən sonra Bərzəx və Qiyamət həyatı olmaqla iki həyatımız da vardır.[5] Ruhu öz əmri ilə istədiyi bəndəsinə nazil edir: Bu və digər ayələrin məzmununa əsasən deyə bilərik ki, bu ayədə “Ruh” deyilərkən qəlblərin həyat mənbəyi olan Quran və vəhy nəzərdə tutulur. Bu ruh həyat, hərəkət, fəaliyyət, mübarizə və vəhy mənbəyidir. Bəzi hədislərdə ruhun burada Ruhul-qüdüs olması, ayənin peyğəmbər və məsum imamlara xas olması ilə bağlı fikirlər qeyd etdiyimiz izahla heç bir təzad təşkil etmir. Çünki müqəddəs ruh peyğəmbər və məsum imamlarda tam şəkildə qərarlaşan müqəddəs ruh və yüksək mənəvi məqamdır. Çox hallarda ondan bir nur başqa şəxslərin də varlığında təcəlla edir. Ruhul-qüdüsün iltifatı onlara köməklik göstərsə, onlar Allahın mühüm əmrlərini icra edərlər.[6] Onların hamısının aşkara çıxdığı gün: Cümlənin mənası bu deyil ki, Allah insanları bu dünyada görmür, ancaq axirətdə görəcək. Əslində, burada həqiqətlərin insanlara aşkar olacağından danışılır. Çünki həmin gün insanları özünə cəzb edən, onlara Allahın hökmranlığını, idarəçilikdə Onun tək olduğunu unutduran sərvət və qüdrət kimi xəyali vasitələr və səbəblər ortadan qalxacaq, insanın zahiri ilə batini, yadında olan və unutduqları Məhşər səhnəsində aydın şəkildə aşkar olacaq. Allahın həqiqi hökmranlığı aşkar olduğu vaxt insanlara belə bir sual ünvanlayacaq: “Bu gün hökm kimə məxsusdur?” Elə Özü tərəfindən də cavab gələcək: “Tək olan, qalib Allaha!”[7] Bu gün hər kəsə etdiyi əməl qarşılığında mükafat veriləcəkdir. Bu gün haqsızlığa yol verilməyəcək. Allah sürətli haqq-hesab çəkəndir. Onları qorxudan ürəklərin ağıza gələcəyi, bütün varlıqlarının qəm-qüssəyə batacağı yaxın günlə qorxut. Zalımların heç bir dostu olmayacaq, heç bir şəfaətçinin şəfaəti qəbul olunmayacaq. O, xaincəsinə fırlanan baxışları və kökslərdə olanlari bilir. Allah ədalətlə hökm verər. Ondan başqa çağırdıqları tanrılar heç bir hökm verə bilməzlər. Allah eşidəndir, görəndir! Onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzmədilərmi? Onlar bunlardan daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Allah onları günahlarına görə yaxaladı və onları əzabdan müdafiə edən olmadı. Bu, ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirməsinə baxmayaraq, onlar inkar edirdilər. Buna görə də Allah onları yaxaladı. O, qüvvətlidir, cəzası da şiddətlidir. Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik – Fironun, Hamanın və Qarunun yanına. Onlar isə: “Bu, çox yalançı bir sehrbazdır!” – dedilər. Tərəfimizdən onlara həqiqəti bəyan etdikdə onlar dedilər: “Musa ilə birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma kafirlərin planı boşa çıxar. ————————————————————————————– Ürəklərin ağıza gələcəyi gün: Məlumdur ki, insan çətin və çıxılmaz vəziyyətdə qalanda sanki qəlbinin yerindən qopub çölə çıxmaq istədiyini hiss edir. Buna ideomatik dildə ürəyin ağıza gəlməsi deyilir. Yoxsa ki, qan dövranının mərkəzi olan ürək ümumiyyətlə, yerindən hərəkət etmir və ağıza da gəlmir. Qəlb, ürək deyiləndə ola bilsin ki can nəzərdə tutulur. Yəni can boğaza gəlir. Sanki ruh bədəni tədricən tərk edir və yalnız az hissəsi bədəndə qalır. Hər halda Allahın dəqiq sorğu-sualının yaratdığı həyəcan və dəhşət, insanların qarşısında rüsvay olmaq qorxusu, xilası mümkün olmayan acı əzab insanda dillə ifadə edilməsi mümkün olmayan dəhşətli bir hiss yaradır.[8] Şəfaət olunan və olunmayan insanlar: Quran ayələri və məsumların (ə) hədislərindən belə məlum olur ki, Allaha inanan Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ilə düşmənçilik etməyən şəxs şəfaət nemətindən faydalanacaq. Əlbəttə, keçmişləri yaxşı olan bəzi fərdlər Allahın bu nemətindən daha tez, bəziləri isə gec faydalanacaq. Ancaq istənilən halda bu rəhmət qapısı onların üzünə açılacaq. Bəzi hədislərdə zərrə qədər də imanı olan şəxsə şəfaət olunacağı, bəzi hədislərdə böyük günahların şəfaətə mane olduğu qeyd edilmişdir. Əslində bu hədislər bir-biri ilə təzad təşkil etmir. Çünki ikinci qrup hədislər bu günahların ümumiyyətlə, insanı şəfaətdən məhrum edəcəyini deyil, bir müddət əzab içində qalacağını və şəfaətdən müəyyən müddətə qədər məhrum ediləcəyini ifadə edir.[9] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Bəndə etdiyi günaha görə yüz il Cənnətdən ayrı düşəcək, ancaq ailəsinin Cənnətdən bəhrələndiyinə tamaşa edəcək.”[10] Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Allahın əzabını yüngül saymayın. Şəfaətimiz ondan məhrum olmuş bəzi israfçılara üç yüz min ildən sonra çatacaq.”[11] Hədislər küfr, şirk, Peyğəmbər (s) və onun Əhli-beyti (ə) ilə düşmənçiliyin, onların rəhbərliyini qəbul etməməyin insanı şəfaətçinin şəfaətindən tamamil məhrum edəcəyini göstərir. Bəzi günahlar da insanın şəfaətdən məhrum və əzaba düçar olacağına səbəb olur. İffət yolunu azmaq və namazı yüngül saymağı buna misal göstərə bilərik. Bəzi hədislərdə müəyyən əməllərin şəfaətin sürətlənməsinə səbəb olduğu qeyd edilmişdir. Xalis və səmimi iman, xalis tövhid inancı, çoxlu səcdə etmək, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) çoxlu salavat göndərmək, onlara qarşı məhəbbət göstərmək, iman əhli ilə dostluq etmək, onlara xidmət göstərmək, Quran öyrənmək, dini vəzifələri yerinə yetirmək, başqalarının üzrünü qəbul etmək, güzəştə getmək, çətinliklərə və məhrumiyyətlərə səbir etmək və sair əməlləri buna misal göstərmək olar.[12] Xain baxışlar: İmam Sadiqdən (ə) bu ayənin mənası haqqında soruşulduqda buyurur: “Görməmisənmi, bir adam bir şeyə baxır, ancaq özünü elə göstərir ki, guya həmin şeyə baxmır? Buna xain baxış deyilir.” Əlbəttə, xain baxışlar müxtəlifdir: Bəzən başqalarını təhqir etmək və eyiblərini göstərmək üçün gözlə işarələr edilir, bəzən baxışlarla şeytani planlar cızılır. Bəzən oğrun baxışlarla insanların namusuna və baxılması qadağan olunan şeylərə baxılır.[13] Hədislərin birində belə deyilir: “Birinci baxış (bilmədən naməhrəmə baxmaq) sənin üçündür (buna görə sənə cəza verilməz), ancaq ikinci baxış sənin zərərinədir.” Buna görə də naməhrəmə ikinci baxış haramdır və xain baxış hesab edilir.[14]   Firon dedi: “Qoyun, Musanı öldürüm, o da Rəbbini çağırsın. Çünki mən onun sizin dininizi dəyişdirəcəyindən, yaxud yer üzündə fəsad törədəcəyindən qorxuram”. Musa dedi: “Mən hesablaşma gününə inanmayan hər bir təkəbbürlüdən mənim və sizin Rəbbinizə sığınıram!” Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi: “Siz bir kişini: “Rəbbim Allahdır!” – dediyinə görəmi öldürəcəksiniz? Halbuki o, Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirdi. Əgər o, yalan danışırsa, onun yalanı ancaq öz əleyhinədir. Yox, əgər doğru danışırsa, onun vəd etdiyi əzabların (ən azı) bəzisi sizə toxunar. Allah həddi aşanı, yalançını doğru yola yönəltməz. Ey qövmüm! Bu gün hökmranlıq sizə məxsusdur, bu ölkədə qalibsiniz. Əgər Allahın əzabı bizə gəlsə, bizi kim qoruyacaq?” Firon dedi: “Mən sizə ancaq öz inandığımı bəyan edir, sizə ancaq doğru yolu göstərirəm”. Mömin kişi dedi: “Ey qövmüm! Mən keçmiş xalqların başına gələnlərin sizin də başınıza gələcəyindən qorxuram. Nuhun qövmü, Ad, Səmud tayfalarını və onlardan sonra gələnlərin bənzər adətindən qorxuram. Allah bəndələrə zülm və haqsızlıq olunmasını istəməz. Ey qövmüm! Mən sizin üçün insanların bir-birini çağıracağı gündən qorxuram. Geriyə dönüb qaçacağınız gün Allah qarşısında heç bir sığınacağınız olmaz. Allahın azğınlığa saldığı kimsəyə isə yol göstərən olmaz”. —————————————————————————————– Cinayətini yozmaq üçün Fironun gətirdiyi iki bəhanə: Firon Musanı (ə) qətlə yetirməklə bağlı gəldiyi qərarı tərəfdarlarına əsaslandırmaq üçün iki səbəb təqdim edir. Bu səbəblərdən biri mənəvi, digəri isə maddi səciyyə daşıyır. O, ilk öncə belə deyir: “Sizin dininizi dəyişəcəyindən qorxuram”. Əlbəttə, Firona görə din yalnız ona və digər bütlərə sitayiş etməkdən ibarət idi. Sonra deyir: “Bu ölkədə fəsad törədəcək”. Yəni bu gün sussam və Musa (ə) ilə mübarizəyə bir müddətdən sonra başlasam, özünə çoxlu ardıcıl yığacaq, qan tökülməsinə, fəsad törədilməsinə və qarışıqlıq yaranmasına səbəb olacaq problemlər yaradacaq. Buna görə də onu tez öldürmək lazımdır. Firona görə fəsad əsir və həbsdə olan kütlələri azad etmək, bütpərəstliyi yer üzündən silmək və təkallahlıq inancını həyata qaytarmaq üçün diktaturaya qarşı yaradılacaq inqilab idi. Despotlar, diktatorlar və cinayətkarlar öz cinayətlərini yozmaq və Allah adamları ilə mübarizə aparmaq üçün bu iki uydurma bəhanəyə əl atmışlar. Bu gün də dünyanın ayrı-ayrı yerlərində sözügedən bəhanələrin şahidi oluruq.[15] Firon ailəsindən olan mömin bir kişi: Quran ayələrindən bu şəxsin Fironun yaxınlarından olduğu və Musaya (ə) iman gətirdiyi, ancaq imanını gizlətdiyi məlum olur. Qəlbində Allahın peyğəmbərinə sevgi bəsləyən bu şəxs onu qorumağı özünə vəzifə bilir. O, şox ayıq, dəqiq, deyəcəyi sözün və atacağı addımın vaxtını bilən məntiqli və güclü bir adam olmuşdur. Həssas məqamda Musanın (ə) yardımına qaçmış, sonrakı ayələrdə də qeyd ediləcəyi kimi, təhlükə və sui-qəsddən xilas etmişdi. Hədislərdə bu şəxsdən çox bəhs edilmiş, təfsirçilər onun haqqında yüksək fikirlər söyləmişlər. Bəziləri onun Fironun əmisi oğlu, ya da xalası oğlu olduğunu qeyd etmiş, “Fironun ailəsi” ifadəsini öz iddialarına dəlil gətirmişlər. Çünki bu ifadə adətən, qohumlar haqqında işlədilir. Baxmayaraq ki, dostlar və tərəfdarlara da aid edilir. Bəziləri onun Firon xəzinələrinin xəzinədarı olduğunu bildirmişlər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “İlk təsdiqləyicilər üç nəfər olmuşdu: Həbib Nəccar və ya Ali-Yasinə iman gətirmiş, camaata: “Allahın elçilərinə tabe olun, sizdən muzd və mükafat istəməyən şəxslərə tabe olun”, – deyən şəxs; Həzqil və ya Firon ailəsindən iman gətirən şəxs; Əli ibn Əbutalib (ə). O, hamısından üstündür.”[16] Daha öncə Yusuf sizə açıq-aydın dəlillər gətirdi. Siz onun gətirdiklərinə şəkk etməkdə davam etdiniz. Nə­­hayət, o, vəfat etdikdə dediniz: “Allah ondan sonra elçi göndərməyəcəkdir!” Allah həddi aşan, şübhə edən kimsəni beləcə azğınlığa salar. Onlar bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərdir. Onlar həm Allah yanında, həm də iman gətirənlərin yanında ancaq böyük bir nifrət artırır. Allah hər bir zülmkar təkəbbürlünün qəlbini belə möhürləyir. Firon dedi: “Ey Haman! Mənim üçün bir uca bina tik, bəlkə vasitələrə çatım – göylərin vasitələrinə (göyə çıxmaq üçün olan vasitələrə çatım) və Musanın məbudunu görüm. Baxmayaraq ki, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, doğru yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu. O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim. Ey qövmüm! Bu dünya həyatı ancaq keçəri bir ləzzətdir, axirət isə əbədi yurddur. Kim pis bir iş tutsa, o ancaq işinin həddi qədər cəza alar. Qadın və kişi olmasından asılı olmayaraq, yaxşı iş görən hər bir kəs mömin olarsa, Cənnətə daxil olar və orada onlara hesabsız ruzi verilər. —————————————————————————————— Musadan (ə) əvvəl Fironun qövmünə göndərilmiş peyğəmbər: Firon ailəsindən iman gətirmiş şəxs Firon və tərəfdarlarının qaralmış qəlbinə nüfuz etmək, qəlblərindəki təkəbbür və küfr pasını əritmək üçün keçmişlərini, çox da uzaq olmayan tarixlərini yada salır, Musanın (ə) babalarından olan Yusifin (ə) peyğəmbərliyindən danışır. Onların Yusiflə (ə) necə davrandıqlarına, Yusifin (ə) vəfatından sonra özbaşnalıqlarını davam etdirmək üçün inadkarlıq göstərdiklərinə, davamlı olaraq şübhə və tərəddüd etdiklərinə, istənilən məsuliyyət yükündən azad olmaq üçün Yusifdən (ə) sonra heç bir peyğəmbər seçilməyəcəyini söylədiklərinə işarə edir.[17] Bəzi hədislərdə qeyd edilir ki, ölümündən qabaq Yusif (ə) ondan sonra qövmünün Fironun hakimiyyəti altına keçəcəyini, oğlanlarının başlarının kəsiləcəyini, qadınlarının kəniz ediləcəyini, övladlarından Musa ibn İmran (ə) adlı bir peyğəmbər seçiləcəyini, həmin peyğəmbərin Fironun hakimiyyətinə son qoyub İsrail oğullarını xilas edəcəyini xəbər verir. Buna görə də İsrail oğulları belə bir şəxsin yolunu gözləyirlər. Bu məsələdən xəbər tutan Firon ailəsi Musanın (ə) gələcəyindən qorxuya düşür. Hər halda Musanın (ə) adı o dövrün insanlarına tanış olmuşdur.[18] Həqiqi və yalançı rəhbərlər: 29-cu ayədə Fironun mömin kişinin sözünü kəsdiyi və “mən sizə ancaq öz inandığımı bəyan edir, sizə ancaq doğru yolu göstərirəm”, – dediyi qeyd edilmişdir. Ümumiyyətlə, bütün despotlar və diktatorlar belə olmuş və olacaqlar. Onlar öz fikirlərini ən doğru fikir hesab edir, heç kəsə söz söyləməyə icazə vermirlər. Özlərini tam ağıl sahibi hesab edir, başqalarına ağıldan kəm, savadsız kimi baxırlar. Bu isə nadanlıq və axmaqlığın ən yüksək həddidir.[19] Nəzər nöqtəsi olan ayədə qeyd edilir ki, Firon ailəsindən olan mömin kişi Fironun sözünü təkzib edərək deyir: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola yönəldim.” Bununla da insanları Fironun sözlərinə və vəsvəsələrinə aldanmamağa çağırır, onun bütün planlarının uğursuzluğa düçar olacağını başa salır. Bundan əlavə, o, insanlara doğru yolun təqva, allahpərəstlik və Allahın peyğəmbərinə itaət göstərmək olduğunu söyləyir.[20] Qadın və kişi bərabərliyi: Qadın və kişinin fiziki və psixoloji baxımdan fərqli olduğu danılmazdır. Buna görə də ictimai mövqeləri də bir-birindən fərqlənir, hər birinin özünəməxsus fəaliyyət sahələri var. Ancaq bu fərqlərin heç biri onların şəxsiyyətlərinin fərqli olduğunu, Allah dərgahında fərqli məqamlara malik olduqlarını deməyə əsas vermir. Onların hər ikisi Allah dərgahında bərabərdir. Onların şəxsiyyət və mənəviyyat meyarları eynidir, bu isə iman və saleh əməldir. Hər iki cinsin mənsubları bu məsələdə bərabərdirlər. Sözügedən ayə qeyd olunan məsələni açıq şəkildə bəyan edərək keçmişdə və indi qadının şəxsiyyətini alçaltmağa çalışan boşboğazların ağzını yumur, eyni zamanda İslamın bu mühüm ictimai məsələ ilə bağlı mövqeyini açıqlayır, dardüşüncəli insanlara İslamın yalnız kişi dini olmadığını, kişilərə aid olduğu qədər qadına aid olduğunu sübuta yetirir. Hər iki cins iman motivasiyasından faydalansa, pak və sağlam bir həyata nail olar. Onların hər ikisinin Allah dərgahındakı mükafatları bərabərdir, onların ictimai mövqeləri də bənzərdir. Onlar bir-birindən yalnız iman və saleh əməl hesabına üstün ola bilərlər.[21] Ey qövmüm! Nə üçün mən sizi qurtuluşa çağırdığım halda, siz məni oda çağırırsınız? Siz məni tək olan Allahı inkar etməyə, bilmədiyim bir şeyi Ona şərik qoşmağa çağırırsınız. Halbuki mən sizi qüdrətli və bağışlayan Allaha doğru çağırıram. Şübhəsiz ki, sizin məni çağırdıqlarınızın nə dünyada, nə də axirətdə çağırılmağa haqqı yoxdur. Qiyamətdə dönüşümüz Allahadır. Həddi aşanlar od sakinləridirlər. Sizə dediklərimi tezliklə xatırlayacaqsınız. Mən öz işimi Allaha həvalə edirəm. Allah Öz bəndələrini görür”. Allah onu onların məkrli planlarından qorudu. Firon nəslini isə dəhşətli əzab bürüdü. Onları səhər və axşam oda salırlar. Qiyamət gələcəyi gün isə “Firon nəslini ən şiddətli əzaba salın!” (- deyə buyurulacaq). O zaman onlar odda bir-birilə höcətləşəcəklər. Zəiflər təkəbbür göstərənlərə: “Biz sizin ardınızca gedirdik. Siz bizim əvəzimizə odun bir hissəsini qəbul edərsinizmi?” – deyəcəklər. Təkəbbür göstərənlər: “Hamımız bunun içindəyik. Çünki Allah bəndələr arasında hökm vermişdir” – deyəcəklər. Odda olanlar Cəhənnəm məmurlarına deyəcəklər: “Rəbbinizdən istəyin, heç olmasa, bircə gün əzabı bizdən götürsün!” —————————————————————————————- 44. İşlərin Allaha həvalə edilməsinin əhəmiyyəti: Öz işlərini Allaha həvalə və Ona təvəkkül etməyin əhəmiyyəti haqqında İmam Əli (ə) belə buyurmuşdur: “İmanın dörd sütunu var: Allaha təvəkkül, işləri Allaha həvalə etmək, Allahın qəzasına razı olmaq, Allahın fərmanı qarşısında təslim olmaq.” İmam Sadiq (ə) buyurmuşdur: “İşlərini Allaha həvalə edən əbədi rahatlıq, sonu olmayan bərəkətli həyat içində olar. İşlərini həqiqətən Allaha həvalə edən şəxs Allahdan qeyrisini düşünəndən üstündür.” Əlbəttə, işləri Allaha həvalə etmək bütün iş-gücdən əl çəkmək deyil. Əslində, insan bütün gücünü səfərbər etməli, çətinliklə qarşıladıqda qorxmamalı, fəaliyyətdən soyumamalı, işlərini Allaha həvalə etməli, sarsılmaz əzmkarlıqla səy və fəaliyyətinə davam etməlidir.[22] Firon ailəsindən olan möminin aqibəti: “Məkrli planlarından” ifadəsi Firon ailəsindən olan mömin kişiyə qarşı plan qurulduğunu göstərir. Quranda bu plana üstüörtülü şəkildə işarə edilir. Ümumiyyətlə, cəza, işkəncə, qətl və edam, hər nə olursa-olsun, Allah Öz lütfü ilə onların hamısını nəticəsiz qoymuşdur. Bəzi təfsirlərdə yazılır ki, o, münasib bir vaxtda özünü Musaya (ə) çatdırmış və İsrail oğulları ilə birlikdə dənizi keçmişdir. Bəzilərinin yazdığına görə, Fironun tərəfdarları onu qətlə yetirmək qərarına gəldikdə o, dağa qaçıb gözlərdən itmişdir. Əslində, bu iki fikir bir-biri ilə təzad təşkil etmir. Ola bilsin ki, o, öncə şəhərdən çıxıb bir yerdə gizlənmiş, tam arxayın olduqdan sonra İsrail oğullarına qoşulmuşdur. Firon tərəfdarlarının planlarından biri onu bütə sitayiş etməyə və təkallahlıq inancından çıxmağa məcbur etmək olmuşdur. Allah isə onu çətinlikdən xilas etmiş, iman, tövhid və təqva yolunda sabit saxlamışdır.[23] Bərzəx aləminin mövcudluğunu sübuta yetirən başqa bir ayə: Bərzəx aləminin mövcud olduğunu açıq şəkildə göstərən ayələrdən biri də bu ayədir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayədə xəbər verilən əzab dünyaya (Bərzəx aləminə) və Qiyamətdən əvvələ aiddir. Çünki Qiyamət odunun səhər və axşamı yoxdur. Əgər onlar Qiyamət günü Cəhənnəm odunda təkcə səhər və axşam yandırılacaqlarsa, bu ikisi arasında xoşbəxtlərdən olarlar. Halbuki belə deyil. Bu, Bərzəxə, Qiyamət günündən əvvəlki əzaba aiddir. Məgər Allahın “Qiyamət qopduğu gün: “Firon ailəsini əzabların ən şiddətlisinə daxil edin”, – deyə buyuracaq”, – deyə buyurduğunu eşitməmisiniz?”[24] Onlar deyəcəklər: “Peyğəmbərləriniz sizə açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!” – deyəcəklər. Onlar da: “Elə isə nə qədər istəyirsiniz çağırın!” – deyəcəklər. Kafirlərin çağırışı havaya sovrulacaq. Şübhəsiz ki, Biz Öz peyğəmbərlərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis məskən gözləyir. Biz Musaya hidayət bəxş etdik və İsrail oğullarını kitabın varisləri etdik – ağıl sahiblərinə doğru yol göstərən və xatırladan kitabın. Elə isə, səbir et! Allahın vədi haqdır. Günahının bağışlanmasını dilə, hər səhər və axşam Rəbbini həmd ilə təriflə. Bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində təkəbbür iddiasından başqa bir şey yoxdur. Onlar öz istədiklərinə əsla çatmayacaqlar. Sən Allaha sığın! O, eşidəndir, görəndir. Göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bilmir. Korla görən, iman gətirib yaxşı işlər görənlərlə pislik edənlər eyni deyildir. Ancaq az xatırlayırsınız! —————————————————————————————- Peyğəmbərlərə və möminlərə yardım: Ayədə Allahın dəyişməz qanunlarından birinə işarə edilmişdir. Bu qanuna əsasən “Allah dünya və axirətdə peyğəmbərləri və möminləri himayə edir”. Allah onları müxtəlif uğurlarla müşayiət olunan qüsursuz himayəsinə alır. Bu uğurlara məntiq və gözəl danışıq qabiliyyəti, müharibədə qələbə, müxaliflərə əzab göndərib onları məhv etmək, qəlblərə güc, ruha ilahi sevgi bəxş edən qeyb yardımları və sairəni misal göstərmək olar. Ortaya belə bir sual çıxır, bəs nə üçün peyğəmbərlərin və möminlərin bir qrupu kafirlər tərəfindən qətlə yetirilmiş, zülmə məruz qalmış, sürgün edilmişdir? Burada incə bir nüansa diqqət yetirmək lazımdır. Belə ki, insanların qələbə mövzusu ilə bağlı səciyyələndirməsi çox məhduddur. Onlar hesab edirlər ki, qələbə düşməni geri oturtmaq, bir neçə günlük hökmranlıq etməkdən ibarətdir.[25] Ancaq Allahın vədi bundan qat-qat yüksəkdə dayanır. “Allahın peyğəmbər və möminlərə qələbə və yardım vədi” deyilərkən Allahın peyğəmbərlərə öz dəvətlərini sübuta yetirmək üçün dəlil gətirməsi, iddiasını sübut etmək üçün möcüzə göndərməsi və sair nəzərdə tutulur. Onlar haqlı olduqları, haqq isə məğlubedilməz olduğu üçün düşmənlərlə mübarizədə onlara ya görünən şəkildə, ya da intiqam formasında yardım göstərilir. Allah-taala “Yusuf” surəsinin 110-cu ayəsində belə buyurmuşdur: “Nəhayət, peyğəmbərlər ümidsizliyə qapıldıqda və özlərinin yalançı hesab edildiklərini gördükdə köməyimiz onlara yetişdi, istədiklərimiz nicat tapdılar. Bizim əzabımız günahkarlardan əsla dəf olunmaz!” Onlara axirətdə də yardım ediləcək. “Təhrim” surəsinin 8-ci ayəsində belə buyurulur: “O gün Allah peyğəmbəri və iman gətirənləri xar etməyəcək”. Möminlərə də rəhbərləri, yəni peyğəmbərlər kimi yardım edilir. “Ali-İmran” surəsinin 139-cu ayəsində belə buyurulur: “Məyus olmayın, kədərlənməyin, əgər mömin olsanız, siz üstünsünüz.” Allahın bu hökmü, yəni peyğəmbərlər və möminlərə yardım göstərməklə bağlı qanunu bir məsələ ilə bağlıdır. Belə ki, peyğəmbərlər Allahın göndərdiyi bəndələr, möminlər isə Allahın ordusu olduqları, Onun əmrinə itaət göstərdikləri və Onun yolunda cihad etdikləri üçün nə qədər ki bu yoldadırlar, onlara yardım edilir və qələbə ilə sığortalanırlar. Ancaq imandan yalnız quru ad qaldığı, Allaha və peyğəmbərə bağlılıq yalnız quru sözdən ibarət olduğu zaman onların Allah tərəfindən yardım ediləcəklərinə ümid bəsələmələri mənasızdır.[26] Allah tərəfindən bağışlanma əmri verilməsi: Məlumdur ki, məsum olduqları üçün peyğəmbərlər günah etmirlər. Deməli, Quranda İslam peyğəmbəri (s) və digər peyğəmbərlərlə bağlı işlədilmiş bu cür ifadələr nisbi xarakter daşıyır. Çünki bəzən adi insanların etdikləri əməllər ibadət və xeyirli əməl sayıldığı halda, böyük peyğəmbərlər üçün günah sayılır. Bir anlıq diqqətsizlik, hətta daha üstün bir əməlin tərk edilməsi onlar üçün günahdır. Onlar yüksək məqam sahibləri olduqları, əqli, elmi və idrak səviyyələri yüksək olduğu üçün bu işlərdən uzaq durmalı, daha üstün bir əməli tərk etdikləri zaman Allahdan bağışlanma diləməlidirlər.[27] “Peyğəmbərin (s) günahı” deyilərkən ümmətinin günahı nəzərdə tutulur. Peyğəmbərə (ə) ümmətinin günahkarlarılna şəfaətçi olmaq icazəsi verilmişdir. Deməli, ayənin mənası belə olur: “Ümmətinin günahlarına görə bağışlanma dilə və onlar üçün şəfaətçi ol!”[28 Qiyamət günü, mütləq, gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların əksəriyyəti inanmır. Rəbbiniz deyib: “Məni çağırın, sizi (duanızı) qəbul edim. Mənə ibadət etməyə təkəbbür göstərənlər tezliklə Cəhənnəmə zəlil gündə daxil olacaqlar”. Allah gecəni rahatlanmanız üçün yaradan, gündüzü işıqlı edən varlıqdır. Allah insanlara qarşı lütfkardır, lakin insanların çoxu şükür etmir. Budur Allah, hər şeyin xaliqi olan Rəbbiniz! Ondan başqa məbud yoxdur! Belə olan halda, haqq yoldan necə çıxırsınız? Allahın ayələrini inkar edənlər haqq yoldan belə çıxırlar. Allah, yeri sizin üçün əmin-amanlıq məkanı, göyü tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən varlıqdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah bərəkətli və əbədidir! (Həqiqi) diri Odur. Ondan başqa məbud yoxdur. Dininizi Onun üçün xalis edərək dua edin. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! De: “Rəbbim tərəfindən mənə açıq-aydın dəlillər gəldiyi üçün sizin Allahı qoyub çağırdığınız məbudlara ibadət etmək mənə qadağan edilmiş və mənə yalnız aləmlərin Rəbbi qarşısında təslim olmaq əmr olunmuşdur”. ———————————————————————————– Məni çağırın, duanızı qəbul edim: Bu ayə bir neçə məsələni ehtiva edir: 1. Allah bəndələrinin çağırışını sevir, Özü onlardan dua etməsini istəyir. 2. Duadan sonra onu qəbul edəcəyini vəd verir. Ancaq bu vədin qeyd-şərtsiz deyil, şərtli olduğunu bilirik. Dualar dua və dua edən yalnız müəyyən şərtlərə cavab verdiyində qəbul edilir. 3. Dua özü bir növ ibadətdir. Çünki ayənin davamında onun üçün ibadət ifadəsi işlədilmişdir. Bir gün dostlarından biri İmam Sadiqdən (ə) soruşur: Məscidə daxil olduqdan sonra biri daha çox namaz qılan, digəri isə daha çox dua edən iki nəfər haqqında fikriniz nədir? Bunlardan hansı üstündür? İmam (ə) buyurur: “Hər ikisi yaxşıdır.” Səhabə soruşur: Bunlardan hansı üstündür? İmam (ə) buyurur: “Daha çox dua edən şəxs üstündür. Məgər Allahın “Məni çağırın, duanızı qəbul edim”, – deyə buyurduğunu eşitməmisən? Əlbəttə, dua.” İmam Baqir (ə) buyurub: “Allah dərgahında Allahdan istəməkdən, Onun dərgahında olanlardan diləməkdən üstün əməl yoxdur. Allahın ən çox nifrət etdiyi şəxs Ona ibadət etməkdən boyun qaçıran və Onun yanında olandan istəməyən şəxsdir.” Bəs, görəsən bəzi dualar niyə qəbul olmur? Əslində, bəzi duaların qəbul edilməməsinin müxtəlif səbəbləri vardır: 1. Çətin vəziyyətə düşən şəxs əlini bütün iş-gücdən çəkib elə hey Allaha dua edir, Allahdan çətinliklərin həll eidlməsini istəyir. Şübhəsiz ki, belə olan halda, onun duası qəbul olmayacaqdır. 2. İnsan xeyrinə olmayan bir şeyi istəyərsə, duası qəbul olmaz. Bunu belə bir misalla izah edə bilərik. Bir xəstə və ya uşaq tibb bacısından müxtəlif yeməklər istəyir. Əgər onun istəyinə əməl edilsə, xəstəliyi güclənər, hətta canını təhlükəyə salar. Allah da bəzən insanlara məsləhət bilmədiyi duaları qəbul etmir, ancaq əvəzini axirətə saxlayır. İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir şəxs yoxdur ki, Allahı çağırsın və Allah da onun duasını qəbul etməsin. Əlbəttə, zülmkarın duası tövbə etməyənə qədər özünə qayıdır (qəbul edilmir). Ancaq qəbula layiq olan bir adam dua etdiyində Allah onun çağırışına cavab verir, problem və çətinliyini gözləmədiyi yerdən həll edir, ya da onun üçün bol mükafat qoruyub-saxlayır, həmin mükafata ehtiyac duyduğu gün həmin mükafatı ona bağışlayır. Əgər bəndənin istədiyi şey xeyrinə olmasa, Allah həmin şeyi dua edən bəndəsindən əsirgəyər.”[29] Surətlərinizi gözəl yaradan: Zahiri görkəminə görə insanın digər varlıqlardan və heyvanlardan üstün olması elə ilk baxışdan aşkardır. İnsanın qaməti düz və göz oxşayan, üzü gözəl və ürəyəyatımlı, son dərəcə səliqəli və dayanıqlıdır. Malik olduğu quruluş ona müxtəlif ağır və incə işlər görməyə, müxtəlif əzələ sisteminə malik olmaqla rahat yaşamağa və həyat nemətlərindən istifadə etməyə imkan verir. İnsan heyvanların əksəriyyətindən fərqli olaraq qidasını ağzı ilə götürmür, şüurlu şəkildə yemək və ya mayenin növünə uyğun şəkildə əli ilə götürüb ağzına qoyur. Bu, ona təmiz olan qidaları bulaşıq və çirkli olan qidalardan fərqləndirməkdə çox kömək edir. O, meyvələrin qabığını asanlıqla soyur, istifadəyə yarasız hissələri tullayır. Bəzi təfsirçilər “surət” deyilərkən burada zahiri və batini sima olmaqla, daha geniş mənalar nəzərdə tutulduğunu, Allahın insana bəxş etdiyi istedad və zövqlərə, bununla da onu digər canlılardan üstün tutduğuna işarə edildiyini qeyd etmişlər.[30]   Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, körpə surətində dünyaya gətirən Odur. Sonra siz böyüyüb yetkinlik yaşına çatır, daha sonra da qocalırsınız. Bir dəstəniz bu mərhələyə yetişməzdən əvvəl ölür, nəhayət, ömrünüzün sonuna gəlirsiniz. Bəlkə düşünəsiniz. Dirildən də, öldürən də Odur. O, bir şeyin olmasını istədikdə ona ancaq: “Ol” – deyir, o da dərhal olur. Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi? Onlar necə də haqq yoldan sapırlar! Onlar kitabı və elçilərimizə göndərdiklərimizi yalan saydılar. Ancaq (əməllərinin nəticəsini) tezliklə biləcəklər; boyunlarında dəmir halqalar və zəncirlər olduğu və sürüklənəcəkləri vaxt – qaynar suya tərəf; sonra Cəhənnəm odunda yandırılacaqlar. Sonra da onlara deyiləcəkdir: “Haradadır Allaha şərik qoşduqlarınız – Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Hamısı gözümüzdən itdi. Biz ümumiyyətlə, daha öncə heç nəyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar. “Bu, sizin yer üzündə nahaq yerə sevinməyinizə, qürur və məstlikdən fərəhlənməyinizə görədir! Cəhənnəmin qapılarından daxil olun və orada əbədi qalın!” Təkəbbürlülərin yeri necə də pisdir! Səbir et! Allahın vədi haqdır. Ya onlara vəd etdiyimiz əzabların bir qismini həyatda ikən sənə göstərəcək, ya da (daha öncə) səni dünyadan aparacağıq. (Bunların heç bir fərqi yoxdur.) Çünki onlar yalnız Bizə doğru qaytarılacaqlar. ————————————————————————————— Bir qrup insan bu mərhələyə yetişməzdən əvvəl ölür: Bu cümlədə ola bilsin ki, qocalıq yaşına çatmazdan əvvələ və ya bütün yaradılış mərhələlərinə, yəni həyatın bütün mərhələlərində, uşaqlıq, gənclik və sair mərhələlərdə ölümün baş verəcəyinə işarə edilmişdir. Diqqət çəkən məqamlardan biri də budur ki, bütün bu mərhələləri ifadə edən sözlər arasında “summə” (sonra) zərfindən istifadə edilmişdir. Bu isə fasiləli ardıcıllığı göstərir. Ancaq sonuncu mərhələləri ifadə edən sözlər arasında “və” bağlayıcısı işlədilmişdir. Bu da ola bilsin ki, ömrün sonunun hər zaman qocalıq dövrünə təsadüf etmədiyini ifadə etmək üçündür. Gənc yaşda insanların, yeniyetmə və uşaqların ölümü də bunu göstərir. Buna görə də insanlar, xüsusilə gənclər insan ömrünün ən mühüm sərmayəsi olan və nə zaman əldən çıxacağından xəbərdar olmadıqları ömürlərindən yaxşı istifadə etməlidirlər.[31] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Allah bir mələk yaradıb. Həmin mələk gecə yerə enib deyir: “Ey iyirmi yaşlılar, çalışın, səy göstərin! Ey otuz yaşlılar, dünya həyatı sizi aldatmasın! Ey qırx yaşlılar, Rəbbinizlə görüşə nə hazırlamısınız? Ey əlli yaşlılar, sizi qorxudan gəlib! Ey altmış yaşlılar, biçin vaxtı yetişmiş tarlasınız! Ey yetmiş yaşlılar, sizi çağırırlar, cavab verin! Ey səksən yaşlılar, Qiyamətiniz yetişib, ancaq siz xəbərsizsiniz!” Sonra deyər: “Əgər rüku edən bəndələr, təvazökar kişilər, südəmər uşaqlar, otlayan heyvanlar olmasaydı, şübhəsiz ki, sizə şiddətli bir əzab nazil olardı.”[32] Yalançı məbudlar və faydasız ibadət: Quranın başqa ayələrində olduğu kimi, burada da yalançı məbudların ibadət edənləri ilə birlikdə Cəhənnəmdə olacaqları, heç bir rola malik olmayacaqları, sanki it-bata düşəcəkləri buyurulmuşdur. Kafirlər bütlərə ibadət etdiklərini etiraf edəcəkləri təqdirdə vəziyyətlərinin daha da pisləşəcəyini bilib onları inkar edəcəklər: “Biz daha öncə ümumiyyətlə, heç nəyə ibadət etməmişik.” Bunlar həqiqət olduğunu düşündüyümüz xəyallar idi. Bu gün bizə onların quru adlar, mənasız sözlər və anlayışlar olduğu aydın olub. Onlara ibadət yalnız zəlillik, azğınlıq və mənasızlığa səbəb olur. Bununla da inkarolunmaz bir gerçəyi etiraf edəcəklər. Təfsirçilər bu ayəni təfsir edərkən onların bu yalanı rüsvayçılıqdan xilas olmaq üçün söylədiklərini bildirmişlər. “Ənam” surəsinin 22-24-cü ayələrində belə buyurulur: “O gün onların hamısını (bir yerə) toplayacaq, sonra isə şərik qoşanlara deyəcəyik: “Allaha tay tutduğunuz şəriklər haradadır?” Sonra onların: “Rəbbimiz olan Allaha and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir cavabları olmayacaq. Bax gör, onlar özlərinə qarşı necə yalan söyləyirlər. Yalandan Allaha tay tutduqlarını isə itirəcəklər.”[33]   Biz səndən əvvəl də elçilər göndərmişik. Onların bəziləri haqqında sənə danışmış, bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan hər hansı bir möcüzə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə hökm verilər və nahaq yolda olanlar orada ziyana uğrayarlar. Allah, bəzilərini minəsiniz, bəzilərindən də yeyəsiniz deyə, heyvanları sizin üçün yaradan varlıqdır. Onlarda sizin üçün çoxlu mənfəətlər var. Siz onları minərək ürəyinizdən keçən yerlərə gedib çatırsınız. Həm onlara, həm də gəmilərə minirsiniz O, sizə Öz möcüzələrini daim göstərir. Allahın hansı möcüzəsini inkar edirsiniz? Onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzib dolaşmadılarmı? Onlar bunlardan sayca daha çox, daha qüvvətli idilər və yer üzündə daha çox iz qoymuşdular. Ancaq əldə etdikləri onları ehtiyacsız edə bilmədi. Elçiləri onlara açıq-aydın dəlillər gətirdikdə özlərində biliklə qürrələndilər, ancaq istehza etdikləri (əzab) onları bürüdü. Əzabımızı gördükdə: “Biz tək olan Allaha iman gətirdik, Ona ortaq qoşduğumuz məbudları isə inkar edirik!” – dedilər Lakin əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi. Bu, Allahın Öz qulları barəsində əzəldən bəri qüvvədə olan qanunudur. Onda kafirlər ziyana uğradılar. ———————————————————————————– Allahın peyğəmbərlərinin sayı: Təfsirçilərin çoxu bu ayəni təfsir edərkən peyğəmbərlərin say məsələsinə toxunmuş, müxtəlif hədisləri sitat gətirmişlər. Peyğəmbər və imamlara istinad edilən bir çox hədislərdə peyğəmbərlərin sayının 124 min nəfər olduğu qeyd edilmişdir. İmam Rza (ə) hədislərinin birində Peyğəmbərin (s) belə dediyini buyurmuşdur: “Allah 124 min peyğəmbər yaradıb. Allah dərgahında mən onların hamısından əzizəm. Ancaq buna baxmayaraq fəxr etmirəm, qürrələnmirəm. Allah 124 min vəsi yaradıb. Allah yanında Əli onların hamısından əziz və üstündür.” Hədislərinin birində Peyğəmbər (s) 124 min rəqəmini qeyd etdikdən sonra buyurmuşdur: “Onların beşi “ulul-əzm” olub – Nuh, İbrahim, Musa, İsa və Mühəmməd.”[34] Yanliş yolda olanlar ziyandadırlar: Hədislərin birində qeyd edilir ki, Mədinədə bir təlxək var imiş. O, təlxəklik edib camaatı güldürərmiş. Bəzən deyərmiş: “Bu kişi (İmam Səccad) məni yorub. İndiyə qədər onu güldürə bilməmişəm”. Bir gün imam yol ilə gedərkən həmin təlxək yaxınlaşıb imamın əbasını çiynindən götürüb gedir. İmam heç bir reaksiya vermir. Yol yoldaşları təlxəyi təqib edirlər. Əbanı ondan alıb İmamın çiyninə salırlar. İmam: “Bu adam kim idi?” – deyə soruşduqda onun mədinəli təlxək olduğunu deyirlər. İmam buyurur: “Allahın bir günü var ki, həmin gün yanlış yolda olanlar ziyanda olacaqlar.”[35] Elmləri ilə qürrələnənlər: Bu surənin bir çox ayəsində insanların çoxunun bədbəxtliyinin və haqq yoldan azmasının əsas səbəbinin təkəbbür və qürrələnmə olduğu göstərilmişdir. Təkəbbür bəzən maliyyə imkanlarından, tərəfdarların çoxluğundan, hərbi qüvvədən, bəzən isə çox hesab edilən az elmdən qaynaqlanır. Müsasir dövrümüzdə, maddi cəhətdən inkişaf etmiş ölkələrin elm və sənaye uğurlarından sonra bunun canlı şahidiyik. Dinin inkar edilməsi və ateist məktəblərə üz tutulmasının əsas səbəblərindən biri son dövrlərdə təbiət elmləri üzrə bəzi nailiyyətlər əldə etmiş alimlərin öz elmləri ilə qürrələnməsi olmuşdur. Onlar təbiətin bəzi sirlərini kəşf etdikdən və kiçik bir elmi sızıntıya nail olduqdan sonra elə məst oldular ki, dünyada onların bildiyindən başqa heç nəyin həqiqət olmadığını təsəvvür etdilər. Allahı öz laboratoriyalarında müşahidə edə bilmədikləri üçün Onu inkar etməyə qalxdılar. Bu elmi təkəbbür elə bir həddə çatdı ki, dinin və peyğəmbərə edilən vəhyin cəhalətdən və ya qorxudan qaynaqlandığını iddia etdilər, elm öz çiçəklənmə dövrünə çatdıqdan sonra artıq dinə ehtiyac olmadığını söylədilər. Ancaq xoşbəxtlikdən bu məstlik və təkəbbür uzun sürmədi, başqa faktorlar ortaya çıxdı və onların əsassız düşüncələrinin üzərindən xətt çəkdi. Bir-birinin ardınca baş verən müharibələr, etik və sosial problemlər, hərc-mərcliklər, qırğınlar, psixoloji xəstəliklər, müxtəlif maliyyə və namus pozuntuları göstərdi ki, bəşər elmi təklikdə hərc-mərcliklərin qarşısını ala bilməmiş və ala da bilməz. Digər tərəfdən, müxtəlif elm sahələrində meydana çıxmış və insanın həll etməkdə aciz qaldığı saysız-hesabsız müəmmalar insanların yenidən peyğəmbərlərin təlimlərinə üz tutmasına, böyük bir zümrənin vəhy kölgəsinə qayıtmasına, insanlığı məhvə sürükləyən bu xəstəliklərin çarəsini peyğəmbərlərin göstərişlərində axtarmasına səbəb oldu. Bu əsnada İslam özünün xüsusi, mütərəqqi və zəngin təlimləri ilə yeni mərhələyə qədəm qoymuş, həqiqi İslamın tanınması istiqamətində hərəkətə başlamışdır. Ümid var ki, Allahın qəzəbi dünyanın böyük bir hissəsini tutmazdan əvvəl bu oyanış qloballaşacaq, təkəbbür tamamilə ortadan qalxacaq.[36] [1] Nümunə, c.20. səh.4 [2] Nümunə, c.20, səh.4 [3] Nümunə, c.29, səh.33 [4] Nümunə, c.20, səh.40 [5] Nümunə, c.20, səh.43 [6] Nümunə, c.20, səh.53 [7] Əl-Mizan, c.17, səh.319 [8] Nümunə, c.20. səh.63 [9] Mənşuri-cavid, c.8, səh.192 [10] Üsuli-kafi, c.2, səh.293 [11] Biharül-ənvar, c.6, səh.154 [12] Mənşuri-cavid, c.8, səh.193 [13] Nümunə, c.20, səh.65 [14] Məcməül-bəyan, c.8, səh.433 [15]  Nümunə, c.20, səh.79 [16] Nümunə, c.20, səh.87 [17] Nümunə, c.20, səh.97 [18] Ətyəbül-bəyan, c.11, səh.375 [19] Nümunə, c.20, səh.86 [20] Nümunə, c.20, səh.106 [21] Nümunə, c.11, səh.391 [22] Nümunə, c.20, səh.117 [23] Nümunə, c.20, səh.113 [24] Nümunə, c.20, səh.118 [25] Nümunə, c.20, səh.127 [26] Əl-Mizan, c.17, səh.177 [27] Nümunə, c.20, səh.134 [28] Əl-Mizan, c.17, səh.340 [29] Nümunə, c.20, səh.146 [30] Nümunə, c.20. səh.159 [31] Nümunə, c.20, səh.167 [32] İrşadül-qülub, c.1, səh.32 [33] Nümunə, c.20, səh.174 [34] Nümunə, c.20, səh.183 [35] Nümunə, c.20, səh.182 [36] Nümunə, c.20, səh.197

QURANI KƏRIM 14.02.2025

“Zumər” surəsi

“Zumər” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Bu, yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindən nazil edilmiş bir kitabdır. Biz kitabı sənə haqq olaraq nazil etmişik. Elə isə, Allaha ibadət et və dinini Onun üçün xalis et! Bilin, xalis din Allaha məxsusdur. Allahdan qeyrisini özlərinə rəhbər seçənlər: “Biz onlara ancaq bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik” – (deyirlər.) Allah Qiyamət günü onların ixtilafda olduqları şey barəsində hökm verəcəkdir. Allah yalançı və kafiri doğru yola yönəltməz. Əgər Allah övlad götürmək istəsəydi, yaratdıqları arasından istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, yeganə, qalib Allahdır. O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı Öz əmrinə ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək öz hərəkətlərinə davam edəcək. Bilin ki, O, qüdrətlidir, bağışlayandır. ———————————————————————————— Saxtakar kimə deyilir: Ayənin orijinalında işlədilmiş “mütəkəllif” sözü səlahəyyəti çatmadığı halda, çətinliklə də olsa belə, saxtakarlıq edərək nəyisə özünə aid edən şəxs haqqında işlədilir. “De, mən özümdən bir şey uydurmuram” cümləsinə əsasən Peyğəmbər (s) başa salmaq istəyir ki, peyğəmbərliyini özündən uydurmamışdır.[1] Hədislərdə saxtakar və onun əlamətlərindən çox bəhs edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Saxtakarın üç əlaməti var: Mövqecə özündən yüksək olan adamla daim mübahisə edər, aressivlik nümayiş etdirər, bilmədiyi şeyləri danışar, əsla çata bilməyəcəyi işlərin arxasınca düşər.” Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Saxtakarın üç əlaməti var: Aşkarda yaltaqlıq edər, gözdən uzaq yerdə qeybət edər, müsibət vaxtı tənələr yağdırar.” İmam Sadiq (ə) buyurmuşdur: “Saxtakar üzdə həqiqətə çatmış kimi görünsə də, yanlış yoldadır… Saxtakarın sonu xarlıq və rüsvayçılıq, bu günü isə əziyyət, zəhmət və narahatlıqdır. Saxtakarın zahiri riya, batini nifaqdır, daim bu iki qanadla uçur. Xülasə, saxtakarlıq əməlisalehlərin əxlaqından, təqvalıların şüarindən uzaqdır. Allah-taala Öz peyğəmbərinə: “De: “Mən peyğəmbərlik vəzifəsinə görə sizdən heç bir mükafat istəmirəm və özümdən bir şey uydurmuram.”, – deyə buyurur.”[2] “Zumər” surəsinin ümumi məzmunu: Bu surə bir neçə mövzunu ehtiva edir: 1. Xalis tövhid, bütün cəhətləri və yönləri ilə tövhid. 2. Məad, hesab-kitab, Cənnətin otaqları, Cəhənnəmin odlu talvarları, Qiyamət gününün qorxusu, Məhşər səhnəsində əməllərin nəticəsinin və əməllərin özünün aşkara çıxması. 3. Quranın əhəmiyyəti. 4. Keçmiş xalqların aqibəti və Allahın ayələrini yalan hesab etdikləri üçün Allahın ağrı-acılı əzabının nazil olması. 5. Tövbə və Allaha qayıdış qapılarının açıq olması.[3] Xalis din Allaha məxsusdur: Bu və əvvəlki ayədə din deyilərkən ibadət nəzərdə tutulur. “Xalis din Allaha məxsusdur”, yəni Allah təkcə Ona ibadət etməyən şəxsin ibadətini qəbul etmir. Burada ibadət edərkən Allahdan qeyrisinin şərik edilməsi və ya qeyrisinə təklikdə ibadət edilməsinin heç bir fərqi yoxdur. Deyilənə görə, bir gün bir kişi Peyğəmbərə (s) deyir: Ey Allahın rəsulu! Biz yaxşı ad qazanmaq üçün mallarımızı veririk. Buna görə mükafatımız varmı? Peyğəmbər (s) buyurur: “Allah-taala yalnız Ona ixlasla ibadət edənin ibadətini qəbul edir.” Sonra bu ayəni buyurur: “Bilin! Xalis din Allaha məxsusdur”[4]   Allah sizi tək bir şəxsdən yaratdı. Sonra zövcəsini ondan (onun qalmış torpağından) yaratdı. Sizin üçün səkkiz cüt heyvan xəlq etdi. O sizə analarınızın bətnlərində üç qaranlıq içərisində yaranış ardından yaranış bəxş etdi. Bu sizin Rəbbiniz olan Allahdır. Hakimyyət Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Bəs siz haqdan necə dönürsünüz? Küfr etsəniz, (bilin ki,) Allahın sizə ehtiyacı yoxdur. O, bəndələrinin kafirlik etməsinə razı olmaz. Əgər Ona şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra hamınız Rəbbinizə doğru qayıdacaqsınız. O, sizi etdiyiniz əməllərdən xəbərdar edəcəkdir. Çünki O, kökslərdə olanları bilir. İnsana bir zərər toxunduqda Rəbbini çağırıb Ona doğru qayıdır. Sonra Allah Öz tərəfindən ona bir nemət verəndə o, daha öncə Allahı nədən ötrü çağırdığını unudur və insanları Allahın yolundan çıxartmaq üçün Ona şəriklər qoşur. De: “Küf­­ründən faydalan, çünki cəhənnəmliklərdənsən!” (Bu cür adam dəyərlidir, yoxsa) gecə saatlarını qiyam və səcdə halında ibadət edərək keçirən, axirət əzabından qorxan və Rəbbinin rəh­­mətinə ümid bəsləyən adam? De: “Bilənlərlə bilməyənlər eynidirmi? Təkcə ağıl sahibləri xatırlayar”. De: “Ey Mənim iman gətirən bəndələrim! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşı mükafat gözləyir. Allahın yeri (yaratdığı yer üzü) genişdir. (Kafir rəhbərlərin təzyiqinə məruz qaldığınız zaman hicrət edin,) səbir edənlər mükafatlarını hesabsız alacaqlar”. ————————————————————————————– Səkkiz cüt heyvan və üç qaranlıq: “Səkkiz cüt” deyilərkən dəvə, qoyun, keçi və inək cütü nəzərdə tutulur. “Cüt” ərəb dilində hər hansı cinsin dişi və erkəyinə deyildiyi üçün ümumilikdə səkkiz cüt edir.[5] “Üç qaranlıq” ifadəsi ilə ana bətni, uşaqlıq və rüşeym pərdəsinin qaranlığına işarə edilir. Cift üç qalın pərdə ilə örtülü olur. Adi rəssam portret çəkməsi üçün tam işıq və aydınlığın olması şərtdir. Ancaq Allah-taala qaranlıqlar içində su üzərində elə rəsm çəkir, elə portret yaradır ki, dünyaya gəldikdən sonra hər kəs ona heyran olur, digər tərəfdən, əlçatmaz bir məkanda onu davamlı olaraq çox sürətli inkişaf üçün zəruri olan qida və ruzi ilə təmin edir. Cift Allahın yaratdığı çöhrələrin ən heyrətamiz və zərifidir. Embrologiya tam bir Allahı tanıma kursu hesab edilir. Bu mərhələnin incəliklərini araşdıran az adam tapılar ki, onu yaradana tərif deməsin.[6] Bilənlərlə bilməyənlər bərabərdirlərmi? Bu sualda diqqətlər bilənlərlə bilməyənlərin müqayisəsinə yönəldilsə də, əsas müqayisə obyekti gecələri oyaq qalıb ibadət edən möminlərlə müşriklərdir. Yəni inadkar və kor qəlbli müşriklərlə pak, nurlu və ixlaslı möminlər bərabər deyillər. Möminlərlə bu aşkar reallıqdan xəbəri olmayan insanlar bərabərdirlərmi? Hər halda bu cümlə İslamın əsas şüarlarından birini ehtiva edir. Cümlədə nadanlarla müqayisədə elm və alimlərin çox yüksək məqamda olduğu göstərilir. Məlumatı olmayanların və dini durğunluq hesab edənlərin iddialarının əksinə olaraq, peyğəmbərlərin çağırışının əsas hissəsini elm və biliyə çağırış təşkil edir. Quran ayələri ilə yanaşı, hədislərdə də elm qədər heç nəyə bu qədər yüksək əhəmiyyət verilmədiyinin şahidi oluruq. İslam peyğəmbəri (s) buyurmuşdur: “Həyatın yalnız iki şəxsə faydası var: itaət göstərilən alim, alim sözü dinləyən elm teşnəsi”. Bu ayəni təfsir edərkən İmam Sadiq (ə) belə buyurmuşdur: “Bilənlər bizik (Əhli-beyt), bilməyənlər bizim düşmənlərimizdir, ağıl sahibləri isə bizim tərəfdarlarımızdır.” Təbii ki, bu şərh ayənin ehtiva etdiyi yönlərdən birini ifadə edir, onun ümumi məzmununu məhdudlaşdırmır.[7] Allahın geniş yeri: Burada “biz Məkkədə müşriklərin təzyiqləri altında öz ilahi vəzifələrimizi yerinə yetirə bilmirik”, deyən iradəsi zəif bəhanəçilərə cavab verilmişdir. Allah Quranda buyurur ki, yer üzü Məkkə ilə məhdudlaşmır, dünya genişdir. Buna görə də azadlığınıza, vəzifələrinizi yerinə yetirməyinizə mane olan küfrə bulaşmış boğucu mərkəzlərdən başqa yerlərə köçün. Hicrət İslamın ilk çağlarına aid deyil, İslam hökumətinin qələbəsində mühüm rol oynayan və buna görə təqvim üçün başlanğıca çevrilən, eyni zamanda bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan mühüm çıxış yollarından biridir. Bu prinsip möminlərin təzyiqlərdən və boğucu mühitlərdən xilas olmasında, digər tərəfdən isə İslamın başqa regionlara yayılmasında rol oynayır.[8]   De: “Mənə, dinimi yalnız Allah üçün xalis edərək, Ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur”. De: “Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”. De: “Mən dinimi yalnız Allah üçün xalis edərək təkcə Ona ibadət edirəm. Siz də Ondan başqa istədiyinizə ibadət edin”. De: “Əsl ziyan çəkənlər Qiyamət günü özləri və qohumlarının sərmayəsini itirənlərdir. Bilin, açıq-aşkar ziyan da elə budur!” Onlar üçün başları üzərində oddan kölgə salanlar, ayaqları altında da oddan çətirlər olacaqdır. Allah bununla bəndələrini qorxudur. Ey bəndələrim! Məndən qorxun! Həddini aşmışlara ibadət etməkdən çəkinib Allaha doğru qayıdanlara müjdə vardır. Bəndələrimi müjdələ! Onlar sözləri dinləyib onların ən yaxşısına tabe olan, Allahın doğru yola yönəltdiyi şəxslərdir. Onlar ağıl sahibləridirlər. Haqqında əzab fərmanı qətiləşmiş şəxsi xilas edə bilərsənmi?! Od içində olan şəxsi tutub ona nicat verə bilərsənmi?! Lakin Rəbbindən qorxanların Cənnətdə bir-birinin üstündə tikilmiş, altından çaylar axan otaqları vardır. Bu, Allahın vədidir. Allah öz vədinə xilaf çıxmaz. Allahın göydən su endirib onu bulaqlar formasında yerdən axıtdığını, sonra onunla rəngarəng əkinlər yetişdirdiyini, daha sonra onların quruduğunu, saralıb cansız hala düşdüyünü, daha sonra Allahın onları çör-çöpə döndərdiyini görmürsənmi? Bu misalda ağıl sahibləri üçün xatırlatma vardır. ————————————————————————————- Qohumlar deyilərkən kimlər nəzərdə tutulur? Təfsirçilər bu suala fərqli-fərqli cavablar vermişlər. Ancaq ayənin məzmununa daha uyğun gələni, “qohumlar” deyilərkən Allahın Cənnətdə mömin və təqvalı insan üçün yaratdığı həyat yoldaşları və xidmətçilərin nəzərdə tutulduğu qeyd edilən yanaşmadır. Belə ki, Qiyamət günü qohumluq və dünya həyatına xas olan bütün ictimai əlaqələrə son qoyulacaq. Allah-taala “Muminun” surəsinin 101-ci ayəsində belə buyurur: “… O gün onların arasında heç bir qohumluq əlaqəsi olmayacaq…” Deməli, ayənin mənası belə olur: Əsl ziyana uğramışlar özlərini əbədi məhvə məhkum edənlər, həqiqi kamillik yolundan uzaqlaşanlardır. Onlar iman və saleh əməllər sayəsində nail olan və bununla da özlərinə əbədi qohum və yaxın edə biləcəkləri Cənnət həyat yoldaşları və xidmətçilərindən məhrum olacaqlar. Əsl ziyan və zərər məhz budur.[9] İslamın azad düşüncə məntiqi: İslamın şüarına çevrilmiş bu və əvvəlki ayə müsəlmanların azad düşüncəyə və müxtəlif məsələlərdəki seçim hüquqlarına malik olduğunu göstərir. Din və məzhəblərin çoxu öz ardıcıllarına araşdırma aparmağı və başqalarının sözlərini tədqiq etməyi qadağan edir. Çünki məntiqləri zəif olduğu üçün başqalarının məntiqinin yüksək olduğunu görəcəklərindən, nəticədə, mənsub olduqları məktəb və ya dini tərk edəcəklərindən qorxurlar. Bu ayədən də göründüyü kimi, İslam araşdırma aparan, başqalarının sözlərini eşitməkdən, qeyd-şərtsiz təslim olmayan, heç bir vəsvəsənin təsiri altına düşməyən şəxsləri Allahın həqiqi bəndələri kimi tanıtdırır. İslam sözləri, fikirləri dinləyib ən yaxşısına tabe olanlara müjdə verir. Onlar təkcə yaxşını pisdən üstün tutmurlar, yaxşılar arasından da ən yaxşısını seçirlər. Ümumiyyətlə, məntiqi güclü olan hər hansı məktəbin başqalarının sözlərindən qorxmasına heç bir əsas yoxdur. Qarşı tərəf qorxmalıdır ki, zəif və məntiqsizdir. Bu ayə ilə bağlı olan hədislərdə bu məsələyə təkid edilmişdir. İmam Kazim (ə) belə buyurmuşdur: “Allah-taala kitabında ağıl və düşüncə sahiblərinə müjdə verərək buyurmuşdur: “Bəndələrimə müjdə ver, sözləri dinləyib onların ən yaxşısına tabe olanlara”. İmam Əli (ə) belə buyurmuşdur: “Hikmət möminin itiyidir. Münafiqdən olsa belə, hikməti öyrən.”[10] Üst-üstə olan otaqlar: Bu surənin ziyana uğramışların Qiyamət günü düçar olacaqları əzabdan bəhs edən 16-cı ayəsində oxuduq ki, onların başı üzərində od kölgələri, ayaqları altında oddan təbəqələr olacaq. Beləcə, onlar hər tərəfdən od şölələri ilə əhatə olunurlar. Bu ayədə isə təqva sahiblərinə müjdə verilir, onlara Cənnətdə üst-üstə otaqlar və qəsrlər veriləcəyi xəbər verilir.[11] İmam Sadiq (ə) buyurmuşdur: “Möminlərin əmiri (ə) Peyğəmbərdən (s): “Bu otaqlar nə üçün inşa edilmişdir?” – deyə soruşduqda Allah rəsulu (s) buyurur: “Bu otaqları Allah-taala dostları üçün dürr, yaqut və zümrüddən düzəltmişdir. Onların tavanı qızıldandır, gümüşlə bərkidilmişdir. Bu otaqların qızıldan min qapısı var, hər qapıya da bir mələk təhkim edilmişdir…”[12]   Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nur miniyinin üzərinə qaldırdığı şəxs (qəlbi kor olan şəxslə eyni ola bilərmi)? Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına! Onlar aşkar azğınlıq içindədirlər. Allah sözün ən gözəlini – ayələri (incəlik, gözəllik, dərinlik və məzmun baxımından) bir-birinə bənzəyən və (zövq oxşayan bir şəkildə) təkrarlanan bir kitab nazil etdi. Onu dinlədikdə Rəblərindən qorxanların bədəninə titrəmə düşər. Sonra daxilləri və zahirləri yumşalar, diqqətləri Allahı xatırlamağa yönələr. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə heç yol gös­­tərən olmaz. Qiyamət gününün dəhşətli əzabını üzü ilə özündən uzaqlaşdıran şəxs (əsla od görməyəcək şəxslə eynidirmi?) Zalımlara: “Qazandığınızı dadın!” – deyilər. Onlardan əvvəl də (ayələrimizi) yalan hesab edənlər olmuşdu, əzab onlara gözləmədikləri yerdən gəlmişdi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha şiddətlidir. Kaş biləydilər! Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik ki, bəlkə xatırlayalar. Heç bir qüsuru olmayan, ərəbcə Quran nazil etdik ki, bəlkə təqvalı olsunlar. Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir şəxsə təslim olan kişini məsəl çəkir. Onlar eynidilərmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bilmir. Sən də öləcəksən, onlar da öləcəklər! 31. Sonra siz Qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz. —————————————————————————————— Köksü açan və qəlbi sərtləşdirən amillər: “Köksün açılması” deyilərkən köksün haqq sözü qəbul edəcək tutuma malik olması nəzərdə tutulur. Köksün açılması İslama xatir olduğu, İslam Allah və Onun iradəsi qarşısında təslim olmaq mənası daşıdığı, Allahın iradəsi də yalnız haqq olduğu üçün “köksün İslama xatir açılması” deyilərkən insanın haqq olan hər bir sözü qəbul edəcək vəziyyət alması nəzərdə tutulur. Əlbəttə, bu, o demək deyil ki, insan eşitdiyi hər sözü kor-koranə qəbul etməlidir. Haqqı açıq gözlə görərək, inkişaf yolunu tanıyaraq qəbul etmək lazımdır.[13] Köksün açılmasının əks tərəfi qəlbin sərtləşməsidir. Burada qəlblərin haqq və hidayət nuru qarşısında əyilməyən, yumşalıb təslim olmayan, hidayət işığının təsir etmədiyi vəziyyəti nəzərdə tutulur. Ümumiyyətlə, haqqa münasibətdə insanlar eyni deyil: bəziləri haqqı incə bir işarə və ya qısa bir cümlə ilə başa düşürlər. Halbuki bəzi insanlara ən parlaq dəlillər, güclü nəsihətlər belə təsir göstərmir. Təbii ki, bu iki vəziyyətin də öz amilləri vardır. Davamlı araşdırmalar, əməlisaleh alimlərlə əlaqə, özünü islah, nəfsi təmizləmə, günahdan çəkinmə, xüsusilə haram qidadan uzaq durmaq, Allahı xatırlamaq köksün açılmasının ən mühüm amillərindəndir. Günah, cəhalət, inadkarlıq, yersiz mübahisələr, günahkarlarla oturub-durmaq ruhun daralmasına, qəlbin sərtləşməsinə səbəb olur. İbn Məsud Peyğəmbərdən (s) bu ayənin təfsirini soruşur: İnsan necə açıq ürəkli ola bilər? Peyğəmbər (s) buyurur: “Nur insanın qəlbinə daxil olduqda qəlb açılır”. Soruşur: Ey Allahın rəsulu (s), bunun əlamətləri nədir? Peyğəmbər (s) buyurur: “Axirət evinə diqqət, yalançı evdən ayrılmaq, ölüm gəlməzdən əvvəl ona hazır olmaq”. İmam Əli (ə) buyurmuşdur: “Göz yaşları yalnız qəlb sərtləşdiyində quruyur, yalnız günah çoxaldığında ağırlaşır.” Hədislərin birində Allahın Musaya (ə) belə bir vəhy göndərdiyini oxuyuruq: “Ey Musa, dünyada arzularını uzun etmə, yoxsa qəlbin sərtləşər, yumşaq olmaz. Daşürəklilər Məndən uzaqdırlar.”[14] Ən gözəl söz: Bu ayədə “mütəşabeh” (bənzər) deyilərkən ayrı-ayrı hissələri bir-birinə bənzəyən, səsləşən, heç bir təzad və müxtəliflik olmayan, yaxşısı, pisi olmayan, bütün hissələri bir-birindən gözəl olan kəlam nəzərdə tutulur. Bu forma insanların danışıqlarından tamamilə fərqlənir, insanların danışdığı sözlərə diqqətlə nəzər saldıqda onlar arasındakı fərqliliklərin, ziddiyətlərin həddən artıq çox olduğunun şahidi olarıq. Ayədə bu kitabın təkrarlanan olması onun başqa bir xüsusiyyəti kimi tanıtdırılır. Ola bilsin ki, bununla müxtəlif mövzuların, hekayələrin, əhvalatların, nəsihətlərin, öyüdlərin təkrarlanmasına işarə edilir. Ancaq bu təkrarlar əsla bezdirici deyil, əksinə, zövq verir, həyəcan yaradır. Əslində, lazım gəldiyində və daha dərindən təsir göstərmək üçün təkrardan istifadə edilməsi fəsahətin əsas prinsiplərindəndir. Ancaq təkrarlar hər zaman yeni formada və biçimdə olmalıdır ki, bezdirici olmasın. Bundan əlavə, Quranın mövzuları bir-birini izah edir, problemlərin çoxu bu yolla öz həllini tapır. Bundan sonra ayədə Quranın təvazökar qəlblərə daha dərindən təsir göstərdiyini ehtiva edən digər xüsusiyyətinə işarə edilir və bu xüsusiyyət çox gözəl bir şəkildə təsvir edilir. Quran ilk öncə hazır qəlblərdə ayıqlığa, hərəkətə və insanların öz məsuliyyətlərinə diqqət yetirməsinə səbəb olacaq bir qorxu yaradır. Növbəti mərhələdə ona haqq sözü qəbul edəcək yumşaqlıq və tutum, ardınca isə rahatlıq bəxş edir. Quranın nəsihətləri qəlbləri titrədir, müjdələri qəlblərə rahatlıq bəxş edir. Allahın böyüklüyü haqqında düşünmək insanı qorxuya salır. İnsanda onu necə tanıya bilmək qorxusu yaranır, ancaq Allahın insanın özü və ətraf aləmdəki nişanələrini araşdırmaq ona rahatlıq bəxş edir.[15]   Allaha iftira atan və doğru söz deyildiyində onu yalan sayan şəxsdən daha zalım kim ola bilər? Cəhənnəmdə kafirlər üçün yer yoxdurmu? Doğru söz gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. Onlar üçün Rəblərinin yanında dilədikləri hər şey mövcuddur. Yaxşı işlər görənlərin mükafatı budur. Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərin mükafatını verəcəkdir. Allah Öz quluna kifayət etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın doğru yoldan sapdırdığı kimsəyə heç bir doğru yol göstərən olmaz. Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran olmaz. Allah qüdrətli və intiqam sahibi deyilmi? Əgər sən onlardan: “Göyləri və yeri kim yaradıb?” – deyə soruşsan, onlar, mütləq: “Allah!” – deyəcəklər. De: “Heç düşünürsünüzmü, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O, mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Allah mənə yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” De: “Ey qövmüm! Nə bacarırsınız, edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki, kimə rüsvayedici əzab gələcək, kimi əbədi əzab saracaq”. ————————————————————————————– Doğru danışan və təsdiq edən: Təfsirçilər bu ayənin Peyğəmbərə (s) aid olduğunu yazmışlar. Təbii ki, ayədə həm vəhy gətirənin, həm də vəhyi təsdiq edənin peyğəmbər olması ilə bağlı izah ayənin yeganə mənası deyil, mənalarından biridir. Buna görə də bir qrup təfsirçi “doğru söz gətirən” ifadəsi ilə bütün peyğəmbərlərin, “onu təsdiq edən şəxs” ifadəsi ilə isə onların həqiqi davamçıları və dünyanın bütün təqvalı insanlarının nəzərdə tutulduğunu bildirmişlər. İzahlar arasında daha ümumi olan başqa bir təfsirdə “doğru söz gətirən şəxs”ifadəsinin təkcə peyğəmbərlər deyil, onların məktəbini təbliğ edən, haqq sözü yayan insanların nəzərdə tutulduğu qeyd edilmişdir. Deməli, hər iki cümlənin bir qrupa şamil olmasının heç bir problemi yoxdur. Nəticədə, burada həm doğru sözü gətirənlər, həm də ona əməl edənlərdən söz açılmışdır. Onlar vəhy məktəbini dünyaya yayan, özlərini ona iman gətirən və əməl edən şəxslər, peyğəmbərlər, imamlar, onların məktəblərinin izahediciləridirlər. Sünni və şiə təfsirçilərinin əksəriyyəti bu ayəni izah edərkən “doğru söz gətirən” ifadəsi ilə Peyğəmbərə (s), “onu təsdiq edən şəxs” ifadəsi ilə isə Əliyə (ə) işarə edildiyini ehtiva edən hədisi nəql etmişlər. Yaddan çıxarmamalıyıq ki, bu təfsir ayənin məzmununu məhdudlaşdırmır, əksinə, onun ən parlaq məna çalarını bəyan edir. Şübhəsiz ki, İmam Əli (ə) Peyğəmbəri (s) təsdiq edənlər arasında birinci yerdə qərarlaşır. İslam alimləri arasında elə bir şəxs tapılmaz ki, kişilər arasında Peyğəmbəri (s) təsdiq edən birinci şəxsin Əli (ə) olduğunu inkar etsin.[16] Allah yetər: Təfsirçilərin çoxunun yazdığına görə, Məkkə müşrikləri Peyğəmbəri (s) bütlərin qəzəbindən qorxmağa çağırıraq deyirlər: Onları söymə, onlara qarşı heç bir söz danışma, onlar sənin ağlını başından alar, sənə zərər verərlər. Bu ayə nazil olur. Qeyd olunan bu hədisə əsasən ayənin nazilolma səbəbi kafirlərin Peyğəmbəri (s) bütlərin qəzəbi ilə təhdid etməsi olsa da, ayənin mənası daha genişdir, Allahdan başqa bütün təhdid vasitələrinə şamil olur, haqq yolunun yolçuları, həqiqi möminlərə, xüsusilə azlıqda olduqları cəmiyyətlərdə, hər tərəfdən təhdidlərə məruz qaldıqları şəraitdə müjdə səciyyəsi daşıyır. Bu ayə onlara təskinlik verir, əzmkar, qətiyyətli olmalarında rol oynayır, onları ruhlandırır, addımlarını mətinləşdirir, düşmənin təhdidlərinin zərərli psixoloji təsirlərini aradan qaldırır. Çünki insanlar hadisələr burulğanı qarşısında saman çöpünə bənzəyir, ayrı-ayrı səmtlərə atılırlar. Küləklə sovrularkən saman çöpü yarpağa və ya qırıq bir budağa yapışa bilər, ancaq güclü külək onların hər ikisini özü ilə apara bilər. Hətta hər hansı ağacdan yapışsa belə, bəzən güclü külək ağacı da yerindən qoparır. Ancaq saman çöpü böyük bir dağa arxalansa, heç bir külək, tufan, qasırğa onu yerindən qopara bilməz. Dağ Allaha imanı, qalan vasitələr isə Allahdan qeyrisinə güvənməni ifadə edir. Bu ayənin məzmununa diqqət və inam dözülməz hadisələr qarşısında möhkəm dağ kimi müqavimət göstərməsi, düşmənin çoxluğundan qorxmaması, yoldaşlarının azlığından məyus olmaması, kəskin böhranların ruhi sakitliyini pozmaması üçün insana qeyri-adi cəsarət verir, özünə inam yaradır, rahatlıq bəxş edir.[17] Tövhid inancı sayəsində heç bir amil təkallahlı insanın Allahdan qeyrisinə qul olmasına səbəb ola bilıməz. Allaha bəndəlik insana hürriyyət bəxş edir, Allahdan qeyrisinə, hətta nəfsin istəklərinə qul olmaqdan azad edir. Çünki o, elə bir varlığın bəndəsidir ki, hər yerdə hazırdır, bəndə bütün işlərini, Ona həvalə edir. Bu cür insan Allahın xüsusi hidayəti sayəsində başqalarının istismarına, müstəmləkəsinə, köləçiliyinə məruz qalmır, xar olmur, təhqir olunmur. O, Allahın yenilməz qüdrətinə arxalandığı üçün heç bir qüdrətdən qorxmur, qorxmadığı üçün də heç kəsə sitayiş etmir, yaltaqlanmır, təhqirə boyun əymir, həyatının və ruzisinin başqalarının əlində olmadığını bildiyi üçün ruziyə görə zillət və köləliyi qəbul etmir.[18]   Biz insanlar üçün olan bu kitabı sənə haqq olaraq sənə nazil etdik. Kim doğru yola yönəlməni qəbul etsə, onun öz xeyrinə olar, kim azğınlıq yolunu qəbul etsə, təkcə öz ziyanına haqq yoldan azar. Sən onları doğru yola yönəltməyə məcbur deyilsən. Allah ruhları ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi şəxslərin canını saxlayır, digərlərini (yaşamasını istədiyi şəxslərin ruhlarını) isə müəyyən olunmuş vaxtadək qaytarır. Bunda düşünənlər üçün nişanələr vardır. Onlar Allahdan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? Onlara de: “Onlar heç bir şeyə malik olmadıqları, heç bir şey anlamadıqları, dərk etmədikləri halda da (onlardan şəfaət istəyirlər)?” De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. (Çünki) göylərin və yerin hökmranlığı Ona məxsusdur. Sonra sizi Ona doğru qaytaracaqlar”. Allahın tək olduğu xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər. De: “Ey göyləri və yeri yaradan, gizlini və aşkarı bilən Allahım! İxtilaf etdikləri məsələdə bəndələrin arasında hökmü Sən verəcəksən!” Əgər zülmkarlar yer üzündə olanların hamısına, üstəlik bir o qədərinə də malik olsaydılar, Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün onların hamısını fidyə verərdilər. Allah tərəfindən onlara əsla güman etmədikləri aşkar olacaq. ————————————————————————————- Yuxunun sirli dünyası: Yuxunun mahiyyəti nədən ibarətdir, nə baş verir ki, insan yatır? Bu mövzu ilə bağlı alimlər çox araşdırmalar aparmışlar. Ancaq alimlərin yuxu mövzusunu aydın şəkildə izah edə bilməməsinin səbəbi onların maddi düşüncəsidir. Onlar bu mövzunu ruhun fundamentallığını və müstəqilliyini qəbul etmədən izah etməyə çalışırlar. Halbuki yuxu cismani olmadan əvvəl ruhani bir fenomendir, ruhu doğru-düzgün öyrənmədən onu izah etmək qeyri-mümkündür. Quranın bu ayəsində yuxu ən dəqiq şəkildə izah edilmişdir. Ayədə buyurulur ki, yuxu bir növ ruhun bədəndən çıxmasıdır. Ancaq bu ayrılma tam şəkildə baş vermir. Allahın əmri ilə ruhun işığı bədəndən ayrıldığında və onun bədəndə yalnız zəif bir işartısı qaldığı zaman şüur və idrakın fəaliyyəti dayanır, insan hiss və hərəkətdən məhrum olur. Baxmayaraq ki, həyatın davam etməsi üçün zəruri olan bəzi fəaliyyətlər, o cümlədən ürək döyüntüləri, qan dövranı, tənəffüs, həzm sistemi və sair öz fəaliyyətini davam etdirir. Burada çox mühüm hadisə hesab edilən yuxu məsələsi də diqqət çəkir. Çox zaman yuxuların eynilə və ya çox az fərqlə real həyatda baş verdiyinin şahidi oluruq. Materialist yozumlar bu cür yuxuları izah edə bilmir. Lakin ruhi izahlar bu məsələni çox asanlıqla izah edə bilir. İnsanın ruhu bədəni tərk edib ruhlar aləmi ilə əlaqəyə girdiyi zaman keçmiş və gələcəyə aid bir çox həqiqətləri dərk edir. Buna görə də doğru yuxular adlandırılır. Bu ayənin izahı ilə bağlı qeyd edilmiş hədislərdən belə başa düşülür ki, İslama görə, yuxu ruhlar aləminə doğru hərəkət, oyanmaq isə ruhun bədənə və həyata təkrar qayıdışıdır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Müsəlman cünub halında yatmamalı, yatağına təmiz və dəstəmazlı girməlidir. Əgər su tapmasa, təyəmmüm etməlidir. Çünki möminin ruhu Allaha doğru yüksəlir. Allah onu qəbul edir, ona bərəkət verir. Əgər ruh sahibinin əcəli çatarsa, həmin ruhu rəhmət xəzinələrinə qovuşdurar, əgər əcəli çatmazsa, onu əmanət götürmüş mələklərlə birlikdə hərəkət etdirər və mələklər onu cəsədinə geri qaytarar.”[19] Onlar Allahın adından qorxurlar: Bu ayə təkcə Peyğəmbər (s) dövrünün müşriklərinə aid deyil, hər bir dövrdə Allah düşmənlərinin, Allahı inkar edən məktəblərin adını, zülmkarların qələbəsini eşitdikdə sevinən, yaxşıların, təmizlərin adını, onların proqramlarını və qələbə xəbərlərini eşitdikdə narahat olan qəlbiqara azğınlar olmuşdur. Bəzi hədislərdə qeyd edilir ki, bu ayə Əhli-beyt (ə) və onların ardıcıllarının üstünlüklərini eşitdikdə narahat olan şəxslər haqqındadır.[20] Bu gün də bəziləri Quran, dini hökmlərin söyləndiyi, dini nəsihətlər verildiyi, Əhli-beytin (ə) fəzilətlərinin çatdırıldığı məclislərdə iştirak etməkdən imtina edir. İştirak etsələr də bəzi maraqları güdürlər. Ancaq günah məclislərinə dəvət edildikdə böyük həvəslə oraya tələsir və bu dəvəti sevinclə qarşılayırlar.[21] Əsla güman etmədikləri: Bu ayəyə əsasən kafirlər Qiyamətdə etiqad bəsləmədikləri deyil, təsəvvür etmədikləri, ağıllarına gəlməyn qorxulu hadisələrlərlə qarşılaşacaqlar. Müşriklər peyğəmbər və imamlardan Allahın bəndələr üçün sorğu-sual və tərəzi hazırladığını, kafirlər üçün od və müxtəlif əzablar nəzərdə tutduğunu eşidir, bu eşitdiklərini təsəvvürlərində olanlarla, yəni dünya odu, dünya əzabı, sorğu-sualı ilə müqayisə edirlər. Lakin Qiyamətdə Allahın əzabı ilə qarşılaşdıqda burada gördükləri əzabın təsəvvürlərindəkindən daha böyük olduğunun şahidi olacaqlar. Bu ayəni Cəhənnəm əzabını vəsv etməsinə görə “Səcdə” surəsinin Cənnət nemətlərindən bəhs edən 17-ci ayəsi ilə müqayisə etmək olar. Allah-taala “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurur: “Heç kəs göz oxşayan hansı böyük mükafatların onlar üçün gizlədildiyini bilmir…”[22]   Etdikləri pis əməllər qarşılarına çıxacaq və istehza etdikləri onları bürüyəcəkdir. İnsana bir zərər toxunduğu zaman Bizi çağırır. Sonra Biz ona Öz tərəfimizdən bir nemət verdikdə deyir: “Bu nemət mənə yalnız bilik və bacarığıma görə verilmişdir!” Xeyr, bu, bir sınaqdır, lakin onların çoxu bilmir. Bunu onlardan əvvəlkilər də demişdilər. Amma əldə etdikləri onlara heç bir fayda vermədi. Etdikləri pis əməllərin cəzasını aldılar. Bu zümrənin zalımları da tezliklə etdikləri əməllərin pis nəticəsinə düçar olacaq və onlar əzabdan qaça bilməyəcəklər. Onlar bilmirlərmi ki, Allah istədiyinin ruzisini bol edir, istədiyinin də ruzisini azaldır? Bunda iman gətirənlər üçün əlamətlər vardır. De: “Ey Mənim özlərinə qarşı həddi aşmış və zülm edən bəndələrim! Allahın rəhmətindən ümidinizi üzməyin. Allah bütün günahları bağışlayır. O, bağışlayandır, rəhmlidir!” Əzab sizə gəlməzdən əvvəl Rəbbinizin dərgahına qayıdın və Onun qarşısında təslim olun. Sonra sizə heç kəs tərəfindən kömək olunmaz. Qəfil əzab sizə fərqinə varmadığınız bir halda, gəlməmişdən əvvəl Rəbbiniz tərəfindən sizə nazil edilən ən gözəl göstərişlərə tabe olun! (Bu göstərişlər ona görədir ki,) kimsə Qiyamət günü: “Allahın əmrinə itaətdə səhlənkarlıq göstərdiyimə və rişxənd edənlərdən olduğuma görə vay mənim halıma!” – deməsin. ———————————————————————————– Allah bütün günahları bağışlayır: Bu ayə Quranın günahkarlara xitab edən ən ümidverici ayələrindəndir. Ayənin əhatə dairəsi o qədər genişdir ki, İmam Əli (ə) belə buyurmuşdur: “Quranda “ey Mənim özlərinə qarşı həddi aşmış… bəndələrim!” ayəsi qədər əhatəli ayə yoxdur.” Ümumiyyətlə, islah və tərbiyə yolunda mövcud olan ən böyük problemlərdən biri insanın keçmişdə etdiyi pis əməllər nəticəsində keçirdiyi günah hissidir. Xüsusilə günahlar böyük olduğu zaman bu hiss insanı heç vaxt rahat buraxmır, yolunu dəyişmək və Allah yoluna qayıtmaq istədikdə keçmişdə etdiyi günahların məsuliyyətindən necə yaxa qurtara biləcəyini düşünür. Sözügedən problem Quran kontekstində öz həllini tapır. Həqiqi tövbə keçmişdən xilas olmanın və yeni həyata başlamanın ən qətiyyətli vasitəsidir. Quran zaman və şəraitindən, məsuliyyət yükünün ağırlığından asılı olmayaraq Allahın lütf və mərhəmət qapısının insanın üzünə açıq olduğunu buyurur. Bu ayə çox incə bəyanla günahkarları Allaha doğru çağırır, onlara keçmişlərindən tamamilə qopa biləcəklərini vəd verir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Günahına görə tövbə etmiş şəxs günah etməmiş şəxs kimidir.” Əlbəttə, Allahın rəhmətinə doğru yönəlmiş bu qayıdış heç də qeyd-şərtsiz deyil. Çünki Allah müdrikdir və hesab-kitabsız bir iş görməz. Əgər Allah rəhmət qucağını bəndələrə açıbsa, onları Özünə doğru çağırırsa, bəndələrin də buna hazır olması lazımdır. Bəndə qayıdışı bütün varlığı ilə istəməli, daxili və köklü surətdə dəyişmək istəməli, həm də qayıtdıqdan sonra günah qasırğası nəticəsində dağılmış iman və etiqad əsaslarını yenidən inşa etməli, ruhi və əxlaqi zəifliyini saleh əməllərlə aradan qaldırmalıdır. Bir də keçmiş günahlar nə qədər böyük olsa, əməllər də bir o qədər böyük olmalıdır. Qaranlıq keçmişi yalnız bu vasitə ilə işıqlandırmaq olar.[23] Allahın yanı: “Cənb” ərəb dilində “yan” və “böyür”ə deyilir. Bu söz yanaşı olan hər bir şeyə aid edilir. Bu ayədə “Allahın yanı” deyilərkən Allaha aid olan, Onun tərəfindən baş verən işlər nəzərdə tutulur; Allahın əmri, Ona itaət, Ona yaxınlaşmaq, Allah tərəfindən göndərilmiş səmavi kitablar bu məzmuna daxildir. Bu ayədə “səhlənkarlıq” sözü Allahın əmrinə boyun əyməkdə, səmavi kitablara itaət edilməsində, peyğəmbər və imamlara tabe olmaqda göstərilən bütün səhlənkarlıqlara şamil olur. Hədislərdə “cənbəllah” ifadəsi “imamlar” kimi yozulmuşdur. İmam Kazim (ə) belə buyurmuşdur: “Cənbəllah Əmirəl-möminin (ə) və ondan sonra sonuncu nümayəndəsinə qədər yüksək məqam sahibi olan vəsilərdir”. Əlbəttə, bu cür izahlar sözün ən parlaq məna çalarlarından biri kimi izah edilməlidir. Çünki imamlara (ə) tabe olmaq Peyğəmbərə (s) tabe olmaq və Allahın əmrinə boyun əyməkdir. Çünki onlar özlərindən heç bir söz demirlər.[24]   Yaxud: “Əgər Allah məni doğru yola yönəltsəydi, mən müttəqilərdən olardım!” – deməsin. Həm də əzabı gördüyü zaman: “Kaş ki, bir də (dünyaya) qayıdaydım, yaxşı işlər görənlərdən olardım!” – deməsin Xeyr! Ayələrim sənə gəldi, sən isə onları yalan saydın, təkəbbür göstərdin və kafirlərdən oldun”. Sən Qiyamət günü Allah haqqında yalan uyduranların üzlərinin qara olduğunu görəcəksən. Cəhənnəmdə təkəbbürlülər üçün yermi yoxdur? Allah müttəqilərə uğurlar və xilas bəxs edəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ona məxsusdur. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?” Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər müşrik olsan, bütün əməllərin puç olacaq və ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!” Onlar Allahı layiqincə tanımadılar. Halbuki Qiyamət günü yer tamamilə onun ovucunda, göylər isə Onun əlində bükülü olacaq. Allah onların (Ona) qoşduqları şəriklərdən ucadır, pakdır, müqəddəsdir. ————————————————————————————– Yer və göyün açarları: “Məqalid” sözü “məqlid” (açar) sözünün cəmidir. Bu sözdən adətən hakimiyyət və mülkiyyət ifadə etmək üçün istifadə edilir. Məsələn, deyilir ki, bu işin açarı filankəsin əlindədir. Buna görə də sözügedən ayədə həm Allahın yer və göyün yeganə sahibi, həm də onların yeganə hakimi və idarəedicisi olduğuna işarə edildiyini söyləyə bilərik. Belə ki, ayənin davamında da belə bir nəticə təqdim edilir: “Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır.” Çünki belə bir şəxs xeyir və bərəkətlərin əsl mənbəyini tərk edib yolunu azır, yerin və göyün açarlarının sahibindən üz döndərir, heç nəyin sahibi olmayan aciz varlıqların ardınca düşür.[25] Bəzi təfsirçilər bu ayəni şərh edərkən belə yazmışlar: Açar iki tərəfə fırlanır, bir tərəfə firlandıqda qapını açır, əks tərəfə fırlandıqda isə onu bağlayır. Rəhmət xəzinələrinin bütün qapıları haqq və haqq axtaran möminlərin üzünə açıq, batil və yanlış yolda olan kafirlərin üzünə bağlıdır. Heç bir xəzinə batil və küfrə uyğun gəlmir.[26] Allahın rəhmət qapılarınının ən mühüm açarlarından biri dua və ehtiyacların Allaha bildirilməsidir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Çox dua et, çünki dua hər bir rəhmətin açarı, ehtiyacların aradan qalxma səbəbidir.”[27] Əgər müşrik olsan, əməllərin sovrulub gedəcək: Burada ortaya belə bir sual çıxır: Məgər Allahın böyük peyğəmbərləri şirkə məruz qala bilərlərmi ki, ayə onlara bu ahəngdə xitab edir? Əslində cavab birmənalı olaraq aydındır. Peyğəmbərlər müşrik olmaqda ixtiyar və qüdrət sahib ola bildikləri halda, əsla müşrik olmazlar. Məsum olmaq qüdrət və ixtiyarın əldən alınması demək deyil. Onların elm və biliklərinin yüksək olması, vəhy mənbəyi ilə birbaşa əlaqədə olmaları onların hətta bir an da olsun, şirk fikrinə düşməsinə imkan vermir. Zəhərli bir maddənin təhlükəli və öldürücü olduğunu bilən savadlı bir həkim ağlı başında olduğu halda, həmin maddəni qəbul edərmi? Əslində, ayənin belə bir məzmun və ahəngə malik olması şirkin çox təhlükəli olduğunu göstərmək üçündür. Yəni Allah-taala insanlara başa salmaq istəyir ki, əgər bu mövzuda böyük peyğəmbərləri ilə belə danışırsa, deməli adi insanlar öz vəzifələrini bilməlidirlər. Eyni fikir İmam Rzaya (ə) aid edilən bir hədisdə də öz əksini tapmışdır: “Bu cür ayələrdə xitab obyekti peyğəmbər olsa da, əslində ümmət nəzərdə tutulur.”[28] Allahı layiqincə tanımadılar: Şirkin əsl səbəbi Allahı doğru-düzgün tanımamaqdır. Əgər bir adam Allahın varlığının hər cəhətdən sonsuz, hüdudsuz olduğunu, bütün mövcudatın Onun tərəfindən yaradıldığını, hətta həyatlarının davam etməsində də hər an Ona möhtac olduqlarını, kainatın Onun tərəfindən idarə edildiyini, bütün düyünlərin Onun əli ilə açıldığını, ruzilərin Onun qüdrətli əlində olduğunu, hətta şəfaətin də yalnız Onun əmri, izni və icazəsi ilə baş verəcəyini bilsə, Allahdan qeyrisinə üz tutmaz. “Qəbzə” ovucda tutulana deyilir. Adətən bu sözlə mütləq qüdrət və kamil hakimiyyət nəzərdə tutulur. Bu gün dilimizdə də bu cür ifadələrə rast gəlirik. Məsələn, filan şəhər mənim əlimdədir, Filan mülk mənim ovcumun içindədir. “Mətviyyat” sözü “təyy” (bir-birinə yapışmış) sözünün cəmidir. Bəzən bu sözlə ömrün keçməsi və nədənsə keçmək mənaları ifadə edilir. Bu sözdən “Ənbiya” surəsinin 104-cü ayəsində daha aydın şəkildə istifadə edilmişdir: “O gün göyü vərəq kimi bükəcəyik”. Kağızı dürmələyib sağ əlində tutmuş şəxs ona tam hakim olmuş şəxsdir. Cümlədə “sağ əl” (yəmin) ifadəsi ona görə işlənib ki, insanların əksəriyyəti ən vacib işlərini sağ əl ilə görür, sağ qollarında daha böyük güc hiss edirlər. Burada ortaya belə bir sual çıxır: Məgər bu dünyada yer və göy Allahın ovcunda deyilmi? Cavab olaraq qeyd etməliyik ki, Qiyamət günü Allahın qüdrəti hər zamankından daha çox aşkar olacaq.[29]   Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha sur üfürüləcək, dərhal hamı qalxıb gözləyəcək. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməl dəftərlərini (insanların) qarşılarına qoyacaq, peyğəmbərləri və şahidləri gətirəcəklər. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin qarşılığı tam veriləcəkdir. Allah onların nə etdiklərini hər kəsdən yaxşı bilir. Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Cəhənnəmə çatdıqda onun qapıları açılacaq və oranın gözətçiləri onlara deyəcəklər: “İçərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzlə qarşılaşacağınızla təhdid edən elçilər gəlmədimi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)” – deyəcəklər. Lakin əzab əmri kafirlər barəsində qətiləşib. Onlara: “Cəhənnəmin qapılarından daxil olun, orada əbədi qalın!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! Rəblərindən qorxanlar isə dəstə-dəstə Cənnətə aparılacaqlar. Oraya çatdıqda oranın qapıları açılacaq və gözətçilər onlara deyəcəklər: “Sizə salam olsun! Bu nemətlər nuş canınız olsun! Cənnətə daxil olun və orada əbədi qalın!” Onlar deyəcəklər: “Həmd bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə (Cənnətə) varis edən Allaha məxsusdur! Biz Cənnətin istədiyimiz yerində məskunlaşırıq. Əməl sahiblərinin mükafatı necə də gözəldir!” —————————————————————————————- Ölüm və həyat fəryadı: Quranın bir çox ayəsində surun üfürülməsi mövzusuna dəfələrlə işarə edilmişdir. Ayələrdən surun iki dəfə üfürüləcəyi məlum olur. Sur birinci dəfə hər kəsin öləcəyi gün, yəni dünyanın sonu çatdığı vaxt üfürüləcək. Bu üfürmə ölüm fəryadı adlanır. Sur ikinci dəfə bütün ölülərin diriləcəyi Qiyamət günü üfürüləcək. Bu, həyat üfürməsi adlanır. Sur üfürülməsi metaforik səciyyə daşıyır. Ola bilsin ki, həqiqətən şeypur çalınacaq. Ancaq məlumdur ki, bu, adi bir şeypur olmayacaq, bütün yeri və göyü bürüyəcək, bütün mövcudatın ölməsinə və ya yenidən hərəkətə gəlib, həyata qayıtmasına səbəb olan böyük gurultu və səs olacaq. İmam Səccad (ə) buyurmuşdur: “Sur bir başı, iki tərəfi olan böyük bir buynuzdur. Yerə tərəf olan hissəsi ilə səmaya tərəf olan hissəsi arasındakı məsafə yerin yeddinci qatından göyün yeddinci qatına qədər olan məsafə qədərdir. Onun üzərində mövcudatın ruhlarının sayı qədər dəlik var. Onun ağzı yerlə göy arasındakı boşluq qədərdir.” Hədislərdə qeyd edilir ki, Allahın İsrafil adlı yaxın mələyinə suru üfürmək vəzifəsi tapşırılmışdır. Bəzi hədislərdə onun Allaha ən yaxın və Adəmə səcdə etmiş ilk mələk olduğu yazılmışdır. İmam Səccada (ə) aid olan hədisdə ölüm surunun üfürülməsinin İsrafil tərəfindən yerinə yetiriləcəyi, ondan sonra İsrafilin də öləcəyi, həyat surunun isə Allah tərəfindən üfürüləcəyi nəql edilmişdir. Hədislərdə birinci üfürülmə ilə ikinci üfürülmə arasında zaman fasiləsi olacağlı da bildirilmişdir. Bu illərin eynilə dünya illəri, yoxsa hər bir günü əlli min olan axirət ili qədər olacağı bizə dəqiq məlum deyil.[30] Möminlərin əmiri İmam Əli (ə) birinci üfürülmədən sonrakı dövrü təsvir edərkən belə buyurmuşdur: “Sur üfürüləcək, canlar bədənlərdən ayrılacaq, dillər lal olacaq, dağlar ucalacaq, qayalar elə ovulub töküləcək ki, uzaqdan titrək ilğmlar kimi görünəcək, abadlıqlar quruyub hamarlaşacaq.”[31] Bu ayənin birinci üfürmədə bəzi zümrələri istisna etməsi ilə bağlı iki ehtimal vardır: 1. Allahın yer və göydən başqa varlıqları da olduğunu ehtimal etsək, bu istisnanın onlara aid olduğunu düşünə bilərik. Çünki ayədə yerdə və göylərdə olanların hamısının öləcəyi buyurulmuş, yer və göylərdən başqa məkanda mövcud ola biləcəkləri ehtimal edilən digər varlıqlar istisna edilmişdir. 2. Ölüm cisimlərə aiddir. Ruh cisimdən çıxdıqdan sonra cisim ölür, ancaq ruhlar ölmür. Ola bilsin ki, ayənin istisnası ruhlara aiddir. Məsum imamlardan nəql edilmiş bəzi hədislər ikinci ehtimalı təsdiq edir.[32] Yer üzü Allahın nuru ilə işıqlanacaq: Bu ayənin təfsiri ilə bağlı iki rəy mövcuddur: 1. “Allahın nuru” deyilərkən haqq-ədalət nəzərdə tutulur. Allah-taala həmin gün yer üzünü məhz haqq-ədalətlə dolduracaq. Əllamə Məclisi bu barədə belə yazır: “Yəni Qiyamət gününü Allah-taala haqq-ədalət işığı ilə işıqlandıracaq. Çünki yer üzünün işığı ədalətdir.” 2. Qiyamət gününün xüsusiyyətlərindən olan “yer üzünün Allahın nuru ilə işıqlanması” deyilərkən pərdələrin çəkilməsi, əşyaların həqiqətinin, əməllərin xeyirli və şər olmasının, itaət, üsyan, haqq və batilin əsl həqiqətinin aşkara çıxması nəzərdə tutulur. Əşyalar işıq olduğu vaxt aşkara çıxır. Şübhəsiz ki, Qiyamətdə həqiqətləri aşkara çıxaran varlıq Allahdır. Çünki Qiyamətdə aşkarlayıcı vasitələr (günəş və s.) qüvvədən düşəcək. Hər şeyin həqiqəti Allahın nuru vasitəsilə aşkara çıxacaq. Bəzi hədislərdə bu ayədə İmam Mehdinin (ə) qiyamına işarə edildiyi qeyd edilmişdir. Bu hədislərin bənzər tətbiqlərə xidmət etdiyini yaddan çıxarmaq olmaz. Belə ki, İmam Mehdinin (ə) qiyamı vaxtı dünya Qiyamət səhnəsinin bir nümunəsinə çevriləcək, o həzrətin səyi ilə yer üzündə haqq-ədalət hökm sürəcək.[33]   Sən mələklərin Ərşi dövrəyə alaraq Rəblərinə sitayişlə təriflər dediyini görəcəksən. Bəndələr arasında ədalətlə hökm veriləcək və: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!” – deyiləcəkdir. [1] Qamusi-Quran, c.6, səh.137 [2] Nümunə, c.19, səh.352 [3] Nümunə, c.19, səh.359 [4] Əl-Mizan, c.17, səh.233 və 245 [5] Ərəb dilində olan “cüt” Azərbaycan dilində “cüt” sözündəın fərqlənir. Dilimizdə “cüt” deyilərkən dişi və erkək birlikdə nəzərdə tutulur. Ərəb dilində isə cüt bu taylardan birinə deyilir. [6] Nümunə, c.19, səh.381 [7] Nümunə, c.19, səh.394 [8] Nümunə, c.19, səh.401 [9] Əl-Mizan, c.17, səh.250 [10] Nümunə, c.19, səh.412 [11] Nümunə, c.19, səh.415 [12] Təfsiri-mövzui, c.5, səh.311 [13] Əl-Mizan, c.17, səh.255 [14] Nümunə, c.19, səh.425 [15] Nümunə, c.19, səh.432 [16] Nümunə, c.19, səh.452 [17] Nümunə, c.19, səh.457 [18] Təfsiri-mövzui, c.2, səh.566 [19] Nümunə, c.19, səh.481 [20] Nümunə, c.19, səh.487 [21] Ətyəbül-bəyan, c.11, səh.323 [22] Əl-Mizan, c.17, səh.273 [23] Nümunə, c.19, səh.499 [24] Nümunə, c.19, səh.511 [25] Nümunə, c.19, səh.522 [26] Təfsiri-mövzui, c.6, səh.30 [27] Təfsiri-mövzui, c.14, səh.313 [28] Nümunə, c.19, səh.528 [29] Nümunə, c.19, səh.529 [30] Pəyame-Quran, c.6, səh.67 [31] Nəhcül-bəlağə, 186-cı xütbə [32] Əl-Mizan, c.17, səh.293 [33] Nümunə, c.19, səh.543

1 2 3 4 5 6 7