Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 14.02.2025

“Sad” surəsi

“Sad” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Sad. Xatırladan Qurana and olsun! Kafirlər təkəbbür və ixtilaf içindədirlər. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Əzab nazil olanda onlar yalvarıb imdad diləyirdilər, lakin artıq xilas vaxtı keçmişdi. Öz aralarından onlara qorxudan bir peyğəmbərin gəlməsinə təəccübləndilər və kafirlər dedilər: “Bu, çox yalançı bir sehrbazdır! O, bütün bu tanrıları bir tanrımı ilə əvəz etdi? Bu, qəribə bir şeydir”. Onların adlı-sanlı adamları çıxıb gedərək dedilər: “Gedin öz məbudlarınızdan bərk-bərk yapışın. Bu, (onların sizi sapdırmaq) istədikləri bir şeydir. Biz bunu sonuncu dində eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məgər içimizdən Quran təkcə onamı (Mühəmmədə) vəhy edilmişdir?” Əslində, onlar Mənim vəhyimə şəkk gətirirlər. Onlar Allahın əzabını hələ dadmayıblar. Yoxsa sənin qüdrətli və bəxş edən Rəbbinin rəhmət xəzinələri onlardadır? Ya da göylərin, yerin və onların arasında olanların üzərindəki hakimiyyət onlaramı məxsusdur? (Əgər belədirsə,) qoy onda mümkün olan istənilən vasitə ilə göylərə qalxsınlar (və vəhyin Peyğəmbərə nazil olmasının qarşısını alsınlar). Bunlar müttəfiq qrupların məğlubiyyətə uğramış kiçik bir dəstəsidir. Onlardan əvvəl Nuh və Ad qövmü, qüdrət sahibi olan Firon da (peyğəmbərlərimizi) yalançı saymışdılar. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli (Şüeybin qövmü) də. Bunlar müttəfiq dəstələr idi. Hər biri elçiləri yalançı hesab etdi və Allahın cəzası onların haqqında gerçəkləşdi. Onlar (bu əməlləri ilə) yalnız və yalnız heç bir möhlət və qayıdışı olmayan səmavi səs gözləyirlər. Onlar dedilər: “Ey Rəbbimiz! Bizim əzab payımızı hesablaşma günü gəlməmişdən əvvəl, çox tez ver!” ———————————————————————————— “Sad” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu beş hissəyə bölmək olar: 1. Tövhid, şirklə mübarizə, İslam peyğəmbərinin peyğəmbərliyi, müşrik düşmənlərin bu iki mövzu qarşısında inadkarlıq göstərməsi. 2. Allahın doqquz peyğəmbərinin, xüsusilə Davud (ə), Süleyman (ə), Əyyub (ə) peyğəmbərin həyat tarixindən fraqmentlər qeyd edilmiş, onların həyatlarında və dəvətləri zamanı qarşılaşdıqları çətinliklərdən söhbət açılmış, bununla da ciddi təzyiqlərə məruz qalmış ilk müsəlmanlara dərs verilmişdir. 3. Üsyankar və yağı kafirlərin Qiyamətdəki aqibətindən, onların Cəhənnəmdə bir-biri ilə apardıqları mübahisələrin təsviri verilmiş, imansız kafirlərə aqibətlərinin necə olacağı göstərilmişdir. 4. İnsanın yaranışı, onun böyük məqam sahibi olması, mələklərin Adəmə (ə) səcdə etməsindən danışılmış, insanın yüksəliş və eniş qövsü arasında nə qədər böyük məsafə olduğu başa salınmışdır. 5. İnadkar düşmənlər təhdid edilmiş, İslam peyğəmbərinə təsəlli verilmiş, çağırışının qarşılığı olaraq kimsədən haqq və muzd istəməməsi, habelə kiminsə ağrı-acı çəkməsini diləməməsindən bəhs edilmişdir.[1] 1-3. Kafirlər, təkəbbür və ixtilaf: İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Əbu Cəhl və bir dəstə qüreyşli Peyğəmbərin (s) əmisi Əbutalibin yanına gedib dedilər: “Qardaşın oğlu bizi və tanrılarımızı incidir, narahat edir. Onu çağır və tapşırıq ver, tanrılarımızdan əl çəksin. Əvəzində biz də onun tanrısını söyməyək. Əbutalib Peyğəmbərin (s) dalınca adam göndərir. Peyğəmbər (s) otağa daxil olanda içəriyə göz gəzdirir, Əbutalibi dövrəyə alan adamların hamısının müşriklər olduğunu görür. “Salam olsun hidayət ardınca gedənlərə”, – deyə salam verir, sonra oturur. Əbutalib onların sözlərini Peyğəmbərə (s) çatdırır. Peyğəmbər (s) buyurur: “Onlar bir cümlədə mənimlə razılaşıb, həmin cümlə sayəsində bütün ərəblərdən üstün olmağa, onların üzərində hökmran olmağa hazırdırlarmı?” Əbu Cəhl: “Bəli, razıyam! Qəsd etdiyin cümlə hansıdır?” – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Deyin: La ilahə illəllah”. Orada olanlar bu cümləni eşitdikdə elə qorxuya düşürlər ki, barmaqlarını qulaqlarına tutub, sürətlə oranı tərk etdilər. Çıxarkən isə belə deyirlər: “Biz bunu sonuncu dində eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil.” Ardınca Allah-taala bu surənin 1-7-ci ayələrini göndərir.”[2] Məğlub olmuş kiçik qoşun: Bu ayə yelbeyin və özündənrazı kafirləri təhqir səciyyəsi daşıyır. “Hunalikə” (ora, oraya, orada) uzağı ifadə edən işarə əvəzliyidir. Deməli, bu cümlədə müşriklərin Məkkəyə nisbətən uzaqda yerləşən Bədrdəki məğlubiyyətinə işarə edilmişdir. “Əhzab” (koalisiya, tərəfdar dəstələr, ayrı qrupların ittifaqı) deyilərkən Peyğəmbərə (s) qarşı mübarizə aparan qruplar nəzərdə tutulur. Allah-taala onların hamısını məhv etmişdir. Müşriklər həmin qruplara aid olan kiçik bir qrupdur. Onlar da mənsub olduqları koalisiyanın aqibətini yaşayacaqlar. Gələcək ayələrdə bu faktın şahidi olacağıq. Bu surə Məkkə surələrindəndir. Allah-taala bu sözü müsəlmanlar azlıqda olduqları vaxt buyurmuşdur. Həmin vaxt müşriklər onları bir tikə kimi uda bilərdilər. Həmin vaxt müsəlmanların qalib gələcəyindən heç bir əsər-əlamət olmamış, Bədr, Əhzab və Hüneyn müharibələri baş verməmişdi. Ancaq Quran qətiyyətlə bu inadkar düşmənləri məğlubiyyətə uğrayacaq kiçik bir qoşun adlandırır. Bu gün də Quran hər tərəfdən təcavüzkar qüdrətlərin mühasirəsində olan dünya müsəlmanlarına müjdə verir, onlara Allahla olan əhdlərinə sadiq olacaqları təqdirdə Onun da koalisiyaları məğlubiyyətə uğradacağı ilə bağlı verdiyi vədinə əməl edəcəyini bəyan edir.[3] Onların söylədiklərinə qarşı dözümlü ol və çox-çox tövbə edən qüdrətli qulumuz Davudu yadına sal! Biz dağları ona ram etmişdik. Onlar axşam və səhər onunla birlikdə tərif deyirdilər. Biz quşları da toplu halda ona ram etdik. Hamısı ona tərəf qayıdırlar. Biz onun hakimiyyətini möhkəmləndirdik, ona elm və ədalətli hökm çıxarmaq qabiliyyəti verdik. Onun mehrabına qalxıb şikayət edənlərin əhvalatı sənə gəlib çatıbmı? Onlar Davudun yanına daxil olduqda onları görüb qorxdu. Dedilər: “Qorxma! Biz iki şikayətçiyik. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu, mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. İsrarla: “Onu mənə ver!” – dedi və mübahisədə mənə üstün gəldi”. (Davud) dedi: “O, sənin qoyununu öz qoyunlarına qatmaq üçün istəməklə sənə qarşı haqsızlıq etmişdir. Şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onların sayı isə çox azdır!” Davud Bizim onu (bu hadisə ilə) sınağa çəkdiyimizi başa düşdü. Buna görə də Rəbbindən bağışlanma dilədi, səcdəyə qapanıb tövbə etdi. Biz bu davranışı ona bağışladıq. O, Bizim yanımızda yüksək məqam sahibi və aqibəti yaxşı olanlardandır. Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver, nəfsin istəyinə uyma, yoxsa o, səni Allahın yolundan azdırar. Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir. ————————————————————————————- 21-25. Davudun (ə) böyük sınağı: Quranın bu ayələrindən belə başa düşülür ki, şikayət etmək üçün onun mehrabına iki nəfər qalxır. Davud (ə)  əvvəl qorxur, sonra şikayətçinin şikayətini dinləyir. Şikayətçi deyir: Mənim bir, qardaşımın doxsan doqquz qoyunu var. O deyir ki, bu bir dənəni də mənə ver. Davud şikayətçinin haqlı olduğunu bildirir, bu tələbin qarşı tərəfə zülm və haqsızlıq olduğunu deyir. Sonra öz qərarından peşman olur, Allahdan bağışlanılma diləyir, Allah da onu bağışlayır. Burada iki nüans daha çox diqqət çəkir: 1. Sınaq; 2. Bağışlanma diləyi və tövbə. Quran bu iki mövzudan heç birini digərindən ayırmır. Ancaq bu ayələrin konteksti və ayələrin təfsirini ehtiva edən ayələrdən belə məlum olur ki, Davud (ə) yüksək mühakimə istedadına malik olmuşdur. Buna görə də Allah onu sınağa çəkmək istəyir, qarşısına qeyri-adi bir hadisə çıxarır. Davud (ə) hökm çıxararkən azacıq tələskənlik edir, qarşı tərəfin fikrini öyrənmədən hökm çıxarır. Davudun qərarı ədalətli olsa da, mühakimə şərtlərindən kənar çıxmışdı. Ayələrdən də görünür ki, şikayətçi tərəflər onun qərarını eşitdikdən sonra qərarla razılaşır və heç nə demədən oranı tərk edirlər. Ancaq Davud (ə) fikrə dalır, ədalətli qərar verdiyini bilsə də, mühakimə şərtlərini pozduğunu, tələskənlik göstərdiyi başa düşür. O bilir ki, qarşı tərəfi də dinləməli, yalnız bundan sonra qərar qəbul etməli idi. Yanlışını başa düşür, dərhal daha yaxşını tərk etdiyi üçün Allahdan bağışlanılmasını diləyir. Allah da onu bağışlayıb əfv edir.[4] Azğınlıqların mənşəyi: Bu ayədən belə məlum olur ki, bütün sapmalar və azğınlıqlar Qiyamət gününü unutmaqdan qaynaqlanır. Bu prinsip məada diqqətin insanın tərbiyəsində nə qədər rol oynadığını açıq şəkildə göstərir. Bu mövzunu ehtiva edən hədislər çox böyük diqqət tələb edir. Peyğəmbər (s) və İmam Əliyə (ə) istinad edilən bir hədisdə belə deyilir: “Ay camaat! Hər şeydən çox iki şeyə düçar olacağınızdan daha çox qorxuram. Bunlar nəfsin istəklərinə tabe olmaq və uzun-uzadı arzulardır. Nəfsin istəklərinə tabe olmaq sizi haqdan uzaq salır, uzun-uzadı arzular Qiyaməti sizə unutdurur.” Bu cümlə qızıl hərflərlə yazılıb hər kəsin, xüsusilə dövlət rəhbərlərinin, hakimlərin, məsul şəxslərin görə biləcəyi bir yerdən asılmağa layiq bir cümlədir. İmam Baqir (ə) buyurmuşdur: “Üç şey insanı məhv edir: itaət göstərilən paxıllıq, itaət göstərilən nəfs, insanın özündən razı olması.”[5]   Biz göyü, yeri və onların arasındakıları əbəs yerə xəlq etməmişik. Bu, kafirlərin gümanıdır. Vay o kafirlərin oddakı halına! Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qor­­xanları günahkarlara tay tutarıqmı? Bu bərəkətli kitabı, (insanların) onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də xatırlaması üçün sənə nazil etdik. Biz Davuda Süleymanı bəxş etdik. O, necə də gözəl qul idi! Çünki daima Allaha qayıdardı (Onu xatırlayardı). Bir dəfə axşam çağı ona cəld və itiqaçan atlar təqdim etdilər. Dedi: “Mən bu atları Allahıma xatir sevirəm (və onlardan cihadda istifadə etmək istəyirəm).” Gözündən itənə qədər (onlara baxmaqda davam etdi). “Onları yanıma qaytarın!” – dedi. O, atların qıçlarını və boyunlarını tumarlamağa başladı. Biz Süleymanı sınağa çəkib taxtının üstünə bir cəsəd atdıq. Sonra o, tövbə etdi. O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə məndən sonra heç kəsə nəsib olmayacaq bir səltənət ver. Həqiqətən, Sən bəxş edənsən. Biz də, onun əmri ilə istədiyi yerə sakitcə hərəkət edib getməsi üçün küləyi ona ram etdik. Həmçinin şeytanları da, onlardan olan bənnaları, dalğıcları və başqalarını da zəncirlənmiş halda (ona tabe etdik). (Və ona buyurduq:) “Bu, Bizim hədiyyəmizdir! İstədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”. O, Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. Qulumuz Əyyubu da xatırla! Bir zaman o, öz Rəbbinə yalvarıb demişdi: “Şeytan məni əzab-əziyyətə salmışdır!” (Ona dedik): “Ayağını yerə vur! Bu sərin sulu bulaq yuyunmaq və içmək üçündür!” ————————————————————————————- 31-33. Süleyman (ə) öz ordusuna baxış keçirir: Bu ayə və hadisə ilə bağlı olan müxtəlif faktlardan belə başa düşülür ki, Süleyman (ə) axşamçağı itiqaçan və cəld hərəkət edən döyüş atlarına baxış keçirir, məmurlar döyüş atları ilə onun qarşısından keçirlər. Güclü ordu qurmaq ədalətli və nüfuzlu şah üçün ən zəruri məsələlərdən və itiqaçan miniklər də ordunun ən vacib hissəsi olduğu üçün Quranda bu məsələyə Süleymanın (ə) yüksək məqam sahibi olduğu qeyd edildikdən sonra toxunulur. Süleyman (ə) atlara olan marağının dünyapərəstlikdən qaynaqlanmadığını göstərmək üçün “mən bu atları Allaha xatir sevirəm və onlardan döyüşdə istifadə etmək istəyirəm”, – deyə əlavə edir. Atlar gözdən itənə qədər onlara baxır. Səhnə Süleyman (ə) üçün o qədər ürəkaçan olur ki, onları təkrar görmək istəyir. Məmurlar bu əmrə itaət göstərib atları qaytarırlar. Süleyman (ə) atları tumarlayır, onların qıçlarına və boyunlarına sığal çəkir, bununla da həm onlara baxanlara stimul verir, həm də öz təşəkkürünü ifadə edir. Hər hansı miniyə görə təşəkkür bildirərkən adətən, onun başına, üzünə, yalına, boynuna və ayağına tumar çəkirlər. Əlbəttə, Süleyman (ə) kimi böyük bir peyğəmbərin insanın yüksək hədəflərə çatmasında rol oynayan bir vasitəyə bu cür sevgi bəsləməsi heç də təəccüblü deyil.[6] Süleymanın (ə) çətin sınağa çəkilməsi: Təfsirçilər və mühəddislər bu ayəni təfsir edərkən hədislərə istinad etmiş, müxtəlif izahlar vermişlər. Bu təfsirlər arasında ən qanedicisi budur: Bir gün Süleyman (ə) ölkənin idarə edilməsi, xüsusilə düşmənlə müharibədə ona kömək edə biləcək abırlı və cəsur bir oğlunun olmasını arzu edir. Onun çoxlu arvadı var idi. Öz-özünə düşünür ki, hədəflərimə çatmaqda mənə kömək edəcək çoxlu övladım olacaq. Ancaq bu zaman bir anlıq diqqətsizlik edib bütün hallarda insanın Allaha təvəkkül etdiyini göstərən “inşallah” (Allahın izni ilə, Allah istəsə) ifadəsini demədiyi üçün heç bir arvadından övladı olmur. Təkcə bir övladı olur, o da dünyaya ölü gəlir. Həmin ruhsuz cəsədi gətirib Süleymanın (ə) taxtının üzərinə qoyurlar. Süleyman (ə) fikrə dalır və bir anlıq diqqətsizlik göstərdiyini və təkcə özünə güvəndiyini xatırlayıb bərk narahat olur. Buna görə də tövbə edib Allahdan bağışlanmasını diləyir. Bu ayəyə verilmiş ikinci izahda belə deyilir: Allah Süleymanı (ə) ağır bir xəstəliklə sınağa çəkir. İş o yerə çatır ki, Süleyman (ə) taxtında cansız bir ruh kimi yıxılıb qalır. Nəhayət tövbə edir, Allah da onu əvvəlki vəziyyətinə qaytarır.[7] Süleyman (ə) nə üşün belə bir hakimiyyət istəyir? Bu ayəni şərh edərkən İmam Kazim (ə) belə buyurur: “Hakimiyyət iki cürdür: Zülm və zor gücünə əldə edilmiş, Allah tərəfindən verilmiş. İkinciyə İbrahimin (ə) soyunu, Talut və Zülqərneynin hakimiyyətlərini misal göstərə bilərik. Süleyman (ə) əl açıb Allaha deyir, ey Rəbbim, mənə elə bir hakimiyyət bəxş et, heç kəs deyə bilməsin ki, bu, zor gücünə zülm və haqsızlıq edilərək insanlardan alınmışdır. Allah-taala küləyi…, şeytanları… Süleymana (ə) ram edir… ona quşların dilini öyrədir, hakimiyyətini yer üzündə bərqərar edir. Bununla da bütün insanlar onun hökumətinin insanların seçiminə əsaslanan, zülm və zor gücünə əldə edilmiş hökumətlərin heç birinin ona bənzəmədiyini başa düşürlər.” Daha sonra İmam Kazım (ə) belə buyurur: “And olsun Allaha! Süleymana (ə) və bütün peyğəmbərlərə verilənlərin hamısı bizə (Əhli-beytə) verilmişdir.” Bu hədis onu göstərir ki, Süleyman (ə) analoqu olmamış və olmayacaq deyil, insanların heç bir etiraz etməyəcəkləri, zülm və zor gücünə mənimsənildiyi iddia edilməyəcək bir hökumət istəyir. Allah-taala bu hökumətin zor gücünə alınmadığını, insanlar tərəfindən, Allah tərəfindən verildiyini göstərmək üçün onu heyrətamiz möcüzələrlə çulğalayır.[8]   Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir xatırlama olsun deyə, ailəsini ona (yenidən) və üstəlik bir o qədər də bəxş etdik. (Ona dedik:) “Əlinə bir dəstə buğda çubuğu (və ya bənzər bir şey) götür və onunla (arvadını) vur. Andını pozma”. Biz onun dözümlü olduğunu gördük. O, Allaha çox-çox tövbə edən necə də gözəl bəndə idi! (Güclü) qolları və (görən) gözləri olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu xatırla! Biz axirət evini xatırlamağı onların əsas xüsusiyyəti etdik. Onlar Bizim yanımızda seçilmiş və yaxşılardandırlar. Hamısı yaxşılardan olan İsmaili, əl-Yəsəi və Zülkifli də xatırla! Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir – qapıları onlar üçün açılmış əbədi Cənnət bağları. Onlar orada taxtlara dirsəklənəcəklər, qarşılarında çoxlu-çoxlu meyvələr və (Cənnətə məxsus) içkilər olacaq. Yanında gözlərini ərlərindən çəkməyən həmyaşıd zövcələri olacaq. Bunlar hesablaşma günü üçün sizə vəd olunanlardır. Bu, Bizim verdiyimiz tükənməz nemətdir. Bax belə (bu, təqva sahiblərinin mükafatıdır)! Hədlərini aşanları çox pis qayıdış yeri gözləyir – daxil olacaqları Cəhənnəm. Necə də pis yataqdır! Bu, dadmalı olacaqları qaynar su və irindir! Bunlardan başqa buna bənzər cəzalar da vardır. (Onlara deyiləcək): “Bu, sizinlə birlikdə Cəhənnəmə daxil olan dəstədir. (Onlar insanları haqq yoldan azdıran başçılardır.) “Onlara salam olmasın (rahatlıq üzü görməsinlər)! Hamısı odda yanacaq”. Onlar (öz başçılarına) deyəcəklər: “Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz hazırladınız. Bura necə də pis qərar tutulan yerdir!” Deyəcəklər: “Ey Rəbbimiz! Bunu bizə kim hazırlayıbsa, onun əzabını odda ikiqat artır!” Əyyubun (ə) həyat yoldaşının xətası: Məşhur təfsirçi İbn Abbasa istinad edilən bir şərhdə belə deyilir: Şeytan (ya da şeytansifət bir adam) bir gün insan surətində Əyyubun (ə) həyat yoldaşının qarşısına çıxıb deyir: Mən sənin ərini müalicə edərəm. Ancaq bir şərtim var, sağalandan sonra sağalmasının yeganə səbəbkarının mən olduğunu desin, başqa bir haqq istəmirəm. Ərinin xəstəliyinin daha da şiddətlənməsindən bərk narahat olan arvad bu təklifi Əyyuba (ə) çatdırır. Bunun Şeytan tələsi olduğunu başa düşən Əyyub (ə) əsəbləşir və zövcəsini tənbeh edəcəyinə and içir. Başqa bir şərhdə deyilir ki, Əyyub (ə) onu bir iş dalınca göndərir, o isə gecikir. Əyyub (ə) xəstəlikdən əziyyət çəkdiyi üçün arvadını cəzalandıracağına and içir. Amma hər halda arvadı belə bir cəzaya layiq olsa da, Allahın peyğəmbərinə uzun müddət xidmət göstərdiyi üçün ayədə qeyd edilən əfvə layiq idi. Bir dəstə buğda samanı və ya xurma salxımının çubuğu ilə vurmanı Əyyubun (ə) öz andına sadiq qalması üçün deyil, Allahın adına hörməti qorumaq və qanun pozuntusunun yayılmaması üçün etdiyini hesab edirlər. Əlbəttə, bu cür davranış cəzaya layiq görülən tərəf əfv edildiyində və insanın əfv olunmaqla yanaşı, qanunun formal tərəfini qorumaq istədiyi təqdirdə məqbuldur. Əks təqdirdə, yəni cəzaya layiq görülən tərəf əfv olunmadığında bu davranış forması yolverilməzdir.[9] Daha ətraflı məlumat almaq istəyənlər “Ənbiya” surəsinin 83-cü ayəsinə baxa bilələr. Peyğəmbərlərə xas olan ixlas: “Ev” deyilərkən qeyd-şərtsiz olaraq axirət evi nəzərdə tutulur. Sanki ondan başqa heç bir ev yoxdur, ondan qeyriləri həmin evə doğru keçidlərdir. Peyğəmbərlər və Allah dostları axirət evini heç zaman unutmamış, baxışlarını bu dünyanın bir neçə günlük həyatı və ləzzətləri ilə məhdudlaşdırmamışlar. Onlar bu keçəri həyat üzərində nemətləri ilə birlikdə əbədi bir həyatın olduğunu görmüş və ona qovuşmaq üçün səy göstərmişlər. Başqaları da bəzən axirəti xatırlaya, xüsusilə dostlarından biri dünyasını dəyişdiyində və ya dəfn mərasimlərində, əzizlərinin anım məclislərində iştirak etdikləri vaxt təsirlənə və axirəti xatırlaya bilərlər, ancaq bu xatırlama xalis xatırlama olmur və ya dünya sevgisi ilə qarışmış xatırlama olur. Lakin Allah-taala xalis, dərin və davamlı xatırlama deyərkən fərqli bir məsələni nəzərdə tutur. Xalis xatırlamada Qiyamət günü hər zaman insanın gözləri önündə olur. Ayədə “xalis” deyilərkən məhz bu məna nəzərdə tutulur.[10] Əl-Yəsə və Zülkifl: Allah-taala bu ayədə iki böyük şəxsiyyətin adını çəkir, onların peyğəmbər olduğunu qeyd edib tərifləyir. Hədislərdə də bu ikisinin peyğəmbər olduğu bildirilmişdir. Katolikosla mübahisə edərkən İmam Rza (ə) belə buyurmuşdur: “Əl-Yəsə İsanın etdiklərini edirdi, suyun üzərində gedirdi, ölünü dirildirdi, kora şəfa verirdi, dəri xəstəliklərini sağaldırdı, ancaq ümməti onun Allah olduğunu söyləmirdi.” Hədislərinin birində İmam Cavad (ə) belə buyurmuşdur: “Zülkifl Davud oğlu Süleymandan sonra yaşamış, insanlar arasında mühakimə yürütmüşdür. Onun adı “Uveydiya” olmuşdur.”[11]   Deyəcəklər: “Biz nə üçün pis adamlar hesab etdiyimiz kişiləri burada (Cəhənnəm odunda) görmürük? Biz onları məsxərəyə qoyurduq? Yoxsa (o qədər kiçikdirlər ki,) gözlər onları görmür?” Bu, Cəhənnəm sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. De: “Mən yalnız qorxudanam. Tək olan qalib Allahdan başqa məbud yoxdur”. Göylərin, yerin və onların arasında olanların Rəbbi yenilməz qüdrət sahibidir, bağışlayandır. De: “Bu, böyük bir xəbərdir, ancaq siz ondan üz döndərirsiniz. Uca aləmin sakinləri mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi. Mənə, yalnız mənim açıq-aydın qorxudan olduğum vəhy edilir.” Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradıram. Ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” O zaman bütün mələklər səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Dedi: “Ey İblis! Sənə Mənim Öz qüdrətimlə (iki əlimlə) yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa böyüklərdən olmuşdun?” Dedi: “Mən ondan daha yaxşıyam. Məni oddan, onu isə palçıqdan yaratmısan!” Dedi: “Səmalardan (və mələklərin sırasından) xaric ol! Sən Mənim dərgahımdan qovulmusan! Qiyamət gününə qədər lənətim sənin üzərində olacaqdır!” Dedi: “Ey Rəbbim! İnsanlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”. Dedi: “Sən möhlət verilənlərdənsən, amma müəyyən edilmiş günə və zamana qədər!” Dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Onların arasından təkcə Sənin xalis bəndələrin istisnadır!” ——————————————————————————————- 62-63. Nə üçün pis adamlar hesab etdiyimiz kişiləri görmürük? Qiyamətdə Əbu Cəhl və Əbu Ləhəb kimi azğın liderlər Əmmar Yasir, Müseyyib və Bilal kimiləri Cəhənnəmdə görmədikdə ağılları başlarına gələcək və bir-birinə deyəcəklər: “Bəs bunlar necə oldu? Biz onları ictimai asayişi pozan, əcdadlarımızın qürur və iftixarlarını məhv etmək üçün ayağa qalxmış bir yığın pislər, quldur və dağıdıcı dəstələr adlandırırdıq. Biz onlara şər damğası vurmuşduq[12], dünyada onlara rişxənd edirdik. Bəlkə biz yanıldığımızı bilmirik, onlar xilas olublar, ya da gözlərimiz bizi aldadır, onlar da oddadırlar.”[13] İmam Sadiq (ə) səhabələrindən birinə belə buyurur: “Allah-taala Quranda siz Əhli-beyt davamçılarından söz açmışdır. Düşmənləriniz Cəhənnəmdə “biz nə üçün pis adamlar hesab etdiyimiz kişiləri burada (Cəhənnəm odunda) görmürük?…” soruşarlar. And olsun Allaha! Burada “kişilər” deyilərkən siz nəzərdə tutulursunuz. Bir qrup adam sizi düşmən hesab edir. And olsun Allaha! Siz Cənnətdə şad və xürrəm olacaqsınız. Halbuki Cəhənnəm sakinləri Cəhənnəmdə sizi axtaracaq.”[14] 67. Böyük xəbər: Bu hansı xəbərdir ki, bu ayədə ona işarə edilmiş və böyük olduğu vurğulanmışdır – Quran, Peyğəmbərin peyğəmbərliyi, Qiyamət, mömin kafirlərin aqibəti, Allahın təkliyi, yoxsa bunların hamısı birlikdə? Quran bütün bunları əhatə etdiyi, onları özündə cəm etdiyi və müşriklər ona etiraz bildirdikləri üçün onun nəzər nöqtəsi olması daha məqsədəuyğundur. Bu səmavi kitab, bu dünyanı yaradan yaradıcı tərəfindən endirilmiş böyük xəbər varlıq aləmi böyüklükdədir. Nazil olduğu vaxt böyük bir çoxluq onun böyüklüyünü dərk edə bilməmiş, bir qrup insan ona istehza etmiş, bir qrup onu cadu, başqa bir qrup isə şeir adlandırmışdır. Ancaq çox keçməmiş bu böyük xəbər öz batinini göstərmiş, insanlıq tarixinin axarını dəyişmişdir. Maraqlıdır ki, bu ayə hicrətdən əvvəl, müsəlmanların tamamilə gücsüz olduqları, qələbə qapılarının hamısının bağlı olduğu bir vaxt Məkkədə nazil olmuşdur. Hətta bu gün də bu xəbərin böyüklüyü dünya əhalisinə, hətta müsəlmanların özlərinə də tamamilə aydın deyil, gələcəkdə aydın olacaq. Quranın “siz üz döndərirsiniz” məzmunlu xitabı hələ də öz aktuallığını qoruyur. Müsəlmanların bu üz çevirməsi onların Allahın nemət çeşməsindən tam sirab ola, onun sayəsində inkişaf edə, fəxr və şərəf qüllələrini fəth edə bilməmələrinə səbəb olmuşdur.[15] Yuxarı aləmdə mübahisə: Şübhəsiz ki, mələklərin Allahla mübahisəsi olmamışdır. Ancaq Allah “Mən yer üzündə özümə bir xəlifə təyin edəcəyəm”, – deyə buyurduğu vaxt mələklər öz aralarında danışaraq deyirlər: “Qan töküb fəsad törədəcək bir şəxsi təyin edirsən?” Allah buyurur: “Mən elə həqiqətləri bilirəm ki, siz onları bilmirsiniz” (Bəqərə-30). Bu danışıq mübahisə adlandırılmış və Adəmin yaranışından bəhs edən sonrakı ayələr üçün giriş rolunu oynamışdır.[16]   Buyurdu: “And olsun haqqa, haqq deyirəm! Cəhənnəmi səninlə və sənə tabe olanlarla dolduracağam!” (Ya peyğəmbər!) De: “Mən peyğəmbərlik vəzifəsinə görə sizdən heç bir mükafat istəmirəm və özümdən bir şey uydurmuram. Bu (Quran) aləmlərə bir xatırlatmadır. Siz onun verdiyi xəbəri bir müddətdən sonra eşidəcəksiniz!”   [1] Nümunə, c.19, səh.203 [2] Nümunə, c.19, səh.206 [3] Nümunə, c.19, səh.226 [4] Nümunə, c.19, səh.244 [5] Nümunə, c.19, səh.264 [6] Nümunə, c.19, səh.272 [7] Nümunə, c.19, səh.280 [8] Nurus-səqəleyn, c.6, səh.261; Pəyame-Quran, c.7, səh.129 [9] Nümunə, c.19, səh. 299 [10] Nümunə, c.19, səh.308 [11] Əl-Mizan, c.17, səh.217 [12] Nümunə, c.19, səh.325 [13] Əl-Mizan, c.17, səh.221 [14] Nümunə, c.19, səh.327 [15] Nümunə, c.19, səh.331 [16] Nümunə, c.19, səh.332

QURANI KƏRIM 14.02.2025

“Saffat” surəsi

“Saffat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun sıraya düzülənlərə, qadağan edənlərə (və çəkindirənlərə) Allahın ayələrini fasiləsiz tilavət edənlərə! Məbudunuz təkdir! Göylərin, yerin və onların arasındakıların, həm də məşriqlərin Rəbbidir. Biz yaxın (aşağı) səmanı ulduzlarla bəzədik ki, onu hər bir çirkin şeytandan qoruyaq. Onlar yuxarı aləmin mələklərinə qulaq asa bilməzlər və (əgər buna cəhd etsələr) hər tərəfdən hədəfə alınarlar, kəskin şəkildə geri qaytarılarlar. Onları əbədi bir əzab gözləyir. Lakin onlar gizlicə qulaq asmaq üçün bir anlıq yaxınlaşarlarsa, onları yandırıb-yaxan parlaq bir səma cismi təqib edər. Onlardan soruş: “Onları yaratmaq çətindir, yoxsa mələkləri (göyləri və yeri)?” Biz onları yapışqan palçıqdan yaratdıq. Sən (inkar etdiklərinə görə) onlara təəccüb edirsən, onlar isə ələ salırlar. Onlara xatırlatdıqda xatırlamırlar. Bir möcüzə gördükdə isə (başqalarını da) istehzaya çağırırlar. və deyirlər: “Bu ancaq açıq-aşkar bir sehrdir. Biz öldükdən, torpağa və sür-sümüyə çevrildikdən sonra yenidənmi dirildiləcəyik? Ulu atalarımızdamı (dirildiləcəklər)?” De: “Bəli, hamınız xar və zəlil olmuş halda diriləcəksiniz”. Yalnız çox böyük və dəhşətli bir səs qopacaq və onlar qəfildən (qəbirlərdən çıxıb) baxacaqlar. Deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab günüdür!” “Bu, yalan saydığınız həmin ayrılıq (haqqın batildən ayrıldığı) günüdür!” (Bu vaxt mələklərə belə əmr olunacaq:) “Zalımları, onların yoldaşlarını və ibadət etdiklərini – Allahdan başqa ibadət etdiklərini – bir yerə toplayın və Cəhənnəm yoluna tərəf yönləndirin. Onları dayandırın, çünki onlar sorğu-sual olunmalıdırlar”. —————————————————————————————- “Saffat” surəsinin ümumi məzmunu: Bu surədə daha çox yaradılış və məaddan bəhs edilir. Müşriklər qətiyyətli ifadələr, qısa və dərin mənalı ayələrlə məzəmmət edilir, onların inanclarının yanlışlığı parlaq və açıq dəlillər vasitəsilə üzə çıxarılır.[1] 1-3. Üzərlərinə düşən vəzifəni yerinə yetirməyə hazır olan mələklər: Ayədə hansı zümrəyə və ya zümrələrə işarə edilməsi ilə bağlı fikir ayrılıqları mövcuddur. Əllamə Təbatəbai belə yazır: “Burada vəhyi endirməklə vəzifələndirilmiş və vəhy  yolunu şeytanların müdaxiləsindən qoruyan, onu peyğəmbərlərə, xüsusilə İslam peyğəmbərinə endirməklə vəzifələndirilmiş mələklər nəzərdə tutulmuşdur. Bu məzmun “Cinn” surəsinin 26-28-ci ayələrində belə ifadə edilmişdir: “O, qeybi biləndir və heç kəsi qeybinin sirlərindən xəbərdar etmir; seçdiyi elçilər istisnadır. O, onların önündə və arxasında gözətçilər qoyur ki, peyğəmbərlərinin Rəblərinin göndərdiklərini necə təbliğ etdiklərini bilsin. O, onların yanında olanları əhatə edir və hər şeyi saymışdır.” Bu ehtimala əsasən ayələrin mənası belə olur: Vəhy yolu üzərində sıraya düzülmüş mələklərə, sonra şeytanların Allahın vəhyinə müdaxilə etməsinə mane olan, onların qarşısını alan mələklərə, sonra vəhyi Peyğəmbərə çatdıran mələklərə and olsun. Bu ehtimalı daha sonra şeytanların yandırıb-yaxan parlaq səma cismi ilə qovulmasından bəhs edən ayələr də təsdiq edir.[2] 6-10. Göylərin şeytanların nüfuzundan qorunması: Təfsirçilər şeytanların göylərdə gizlicə qulaq asması, bu zaman yandırıb-yaxan parlaq səma cismi vasitəsilə vurulması mövzusu ilə bağlı aydın təsəvvürə malik olmaq üçün aidiyyatı olan ayələr və bu mövzunu ehtiva edən hədislər əsasında mülahizələr irəli sürmüşlər. Səma Yer kürəsini əhatə edən və bir qrup mələyin məskunlaşdığı göy qatlarıdır. Bu göylərin qapı və divarları var. Səmanın özündən olanlar istisna olmaqla, kənardan onlara heç nə daxil ola bilməz. Habelə birinci göydə bir qrup mələk əllərində yandırıb-yaxan parlaq səma cismi şeytanları gözləyirlər. Şeytanlar göyün gizli xəbərlərinə qulaq asmaq üçün yaxılnlaşmaq istədiklərində onları atəşə tuturlar və uzaqlaşdırırlar. Bu məna ayələrin və hədislərin zahiri məzmunlarından başa düşülür. Lakin bu gün bu sözlər və səma cisimləri  barədə qeyd edilmiş həmin  yozumların hamısının yanlış olduğu gün kimi aydındır. Artıq bu ayəni insanların kosmik müşahidləri və müasir elmi nailiyyətlərlə təzad təşkil etməyən aspektdən izah etmək lazımdır. Biz ehtimal edirik ki, Allah-taala hisslər çərçivəsindən xaric olan həqiqətlərlə bağlı təsəvvür yaratmaq, nəticədə hiss olunmayan gerçəkləri hiss olunacaq şəkildə başa salmaq üçün bu açıqlama formasından misal kimi istifadə etmişdir. Belə ki, Allah-taala “Ənkəbut” surəsinin 43-cü ayəsində belə buyurmuşdur: “Bunlar bizim bilənlər üçün çəkdiyimiz məsəllərdir. Onları yalnız bilənlər dərk edər.” Bu cür misallar və bənzətmələr Allah kəlamında çoxdur. Ərş, kürsü, lövh, qələm və sairəni buna misal göstərə bilərik. Deməli, mələklərin məskunlaşdığı aləm bizim olduğumuz kainatdan çox-çox yüksəklikdə olan mələklər aləmidir. Bizim maddi dünyamızın səması və kosmik cisimlər bizim olduğumuz Yer kürəsindən çox-çox yüksəkdə olduğu kimi, mələklər aləmi də çox yüksəkdədir. Şeytanların səmalara yaxınlaşması, gizlicə qulaq asmaq istəmələri və onların yanar səma cisimləri ilə qovulması deyilərkən onların yaradılışın sirlərindən və gələcəkdə baş verəcək hadisələrdən xəbərdar olmaq üçün mələklər aləminə yaxınlaşmaq istəməsi və mələklər aləminə xas olan işıqla qovulması nəzərdə tutulur. Burada başqa bir yozum da ehtimal edilə bilər. Şeytanlar haqqı batilə qarışdırmaq üçün haqqa yaxınlaşırlar. Lakin mələklər onların batillərini puça çıxaracaq haqqla haqdan uzaqlaşdırırlar. Allah-taalanın şeytanların gizlicə qulaq asması və onların səma cisimlərinin hədəfinə tuş gəlməsini vəhy gətirən mələklərə və şeytanların müdaxiləsinə mane olan qoruyucu mələklərə and içdikdən sonra qeyd etməsi də müəyyən qədər bizim yanaşmanı təsdiq edir. Daha yaxşısını Allah bilir.[3] “Sizə nə olub ki, bir-birinizdən yardım istəmirsiniz?” Amma onlar o gün Allahın qüdrəti qarşısında təslim olacaqlar! Bir-birinə üz tutub soruşacaqlar. Deyəcəklər: “(Siz azğın rəhbərlər idiniz,) xeyirxahlıq və yaxşılıq adı ilə daxil olurdunuz (ancaq işiniz yalnız aldatmaqdan ibarət idi).” (Onlar isə cavabında) deyəcəklər: “Xeyr! Siz özünüz inanan adamlar deyildiniz. (Bizim təqsirimiz deyil.) Bizim sizin üzərinizdə heç bir hökmranlığımız olmayıb, siz özünüz həddi aşan bir zümrə olmusunuz. İndi Rəbbimizin əmri bizim barəmizdə həqiqətə çevrildi. Hamımız onun əzabından dadırıq. Biz özümüz azğın olduğumuz kimi, sizi də azdırdıq”. Həmin gün onların hamısı (liderlər və ardıcıllar) ilahi əzablara şərik olacaqlar. Biz günahkarlarla belə rəftar edirik. Çünki onlara: “Allahdan başqa məbud yoxdur!” – deyildiyində təkəbbürlük edib boyun qaçırır və elə hey deyirdilər: “Bir məcnun şairə görə məbudlarımızı tərk edəkmi?” Belə deyil, o, haqqı gətirib və keçmiş peyğəmbərləri təsdiq edib. Siz, mütləq, ağrılı-acılı əzabı dada­­caqsınız. Yalnız etdiyiniz əməllərin cəzasını alacaqsınız. Allahın ixlaslı qulları müstəsnadır. Onlar üçün müəyyən və xüsusi bir ruzi vardır – meyvələr. Onlara ehtiram göstəriləcəkdir – Cənnətin nemətlərlə dolu bağlarında. Onlar taxtlar üstündə bir-birinin qarşısında dirsəklənib oturacaqlar. Ətraflarında pak şərabla dolu piyalələr dolandıracaq – İçənlər üçün ağappaq, parlaq və ləzzətli bir şərab. O şərab nə ağlı başdan alar, nə də ondan məst olarlar. Onların yanında yalnız öz ərlərini sevən gözəl gözlü zövcələr olacaq. Onlar (zövcələr) sanki (incəlik və lətafətdə quş qanadları altında) gizli qalmış yumurta kimi olacaqlar. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.   —————————————————————————————- 40. İxlaslı (müxləs) bəndələrin mükafatı: Quran ayələrinə diqqətlə nəzər saldıqda “müxlis” (özünü saflaşdıran, xalisləşdirən ) sözündən daha çox özünü düzəltmək mərhələsində olan və hələ lazımı kamillik mərhələsinə çatmamış, “müxləs” (özünü saflaşdırmış, xalisləşdirmiş) sözündən isə özü ilə bir müddət mübarizə apardıqdan, Allahı tanıma və iman mərhələlərini qət etdikdən sonra şeytanların vəsvəsələrinin nüfuz edə bilməyəcəyi bir məqama çatmış insanlar haqqında işləndiyinin şahidi oluruq. Belə ki, Quranda İblisin dilindən belə deyildiyinin şahidi oluruq: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam. Təkcə Sənin ixlaslı bəndələrindən başqa!” (Sad – 82-83). Quranın bir neçə yerində rast gəlinən bu ifadədən ixlaslı (müxləs) insanların böyük məqam sahibi olduqları aydın olur. Bu, böyük cihadda qalib gəlmiş, Allahın lütfü ilə varlığı bütün qarışıqlıqlardan, qatqılardan, xalis olmayanlardan təmizlənmiş, hadisələr kürəsində tamamilə ərimiş və yalnız xalis qızılı qalmış insanların məqamıdır. Onların mükafatlarının ölçü meyarı etdikləri əməllər deyil, Allahın lütf və mərhəməti olacaq. Əllamə Təbatəbai bu barədə belə yazır: “Allah-taala bu ayədə buyurur ki, müxləs bəndələr istisna olmaqla, bütün bəndələr etdikləri əməllərin qarşılığını alacaqlar. Çünki onlar bəndəlik məqamına uyğun olaraq özlərini heç nəyin sahibi hesab etmirlər, yalnız Allahın istədiyini istəyir, yalnız Onun tələb etdiyini yerinə yetirirlər. Müxləs olduqları üçün Allah onları Özü üçün seçmişdir. Onlar da Allahdan başqa heç nəyə, nə dünyanın bər-bəzəyinə, nə də axirətə bağlı deyildirlər. Qəlblərində Allahdan başqasına yer yoxdur. Məlumdur ki, bu xüsusiyyətə malik olanların ləzzəti, zövqü, neməti və ruzisi başqalarınınkından fərqlənir. Belə ki, Allah-taala sonrakı ayədə belə buyurur: “Onlar üçün müəyyən və xüsusi bir ruzi vardır.” Doğrudur ki, onlar da digər Cənnət sakinləri kimi, Cənnətdə yaşayacaqlar, ancaq onların həzzi başqalarının həzzindən fərqlənir. Onlar Allahın pak zatının cilvəsindən zövq alır, onun batini ləzzətlərindən faydalanırlar, qəlbləri sevgi, məhəbbət, eşqlə doludur, eşq və vüsal dənizində qərq olublar.”[4] Cənnətdəki zövcələrin incəliyini və zərifliyini ifadə edən gözəl bir bənzətmə: Mənası quş yumurtası olan “beyz” sözü “beyzə” sözünün cəmidir. “Kinn” sözündən düzəlmiş “məknun” sözünün mənası “örtülü və gizli” deməkdir. Quranın bu bənzətməsi yumurtaya toyuq yumurtadıqdan dərhal sonra, hələ heç kəsin toxunmadığı, quşun qanadları altında olduğu vaxt yaxından baxıldığında aydın olur. Bu zaman onda qəribə bir şəffaflıq və səfa müşahidə edilir. Bəzi təfsirçilər “məknun” deyilərkən qabıqla örtülmüş əsas hissənin nəzərdə tutulduğunu qeyd etmişlər. Belə ki, yumurtanı bişirdikdən və qabığını soyduqdan sonra onun ağ və parlaq olması ilə yanaşı xüsusi bir yumşaqlığa və zərifliyə malik olduğunu görürük. Hər halda, həqiqətləri ifadə edən Quran ifadələri o qədər dərin və məzmunludur ki, qısa söz və xüsusi incəliklə böyük mənaları ifadə edir.[5] O elə hey deyirdi: “Sən inanırsan ki, biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra diriləcək və cəzalandırılacağıq?” Sonra o (sözünə davam edib) deyəcək: “Siz ondan xəbər tuta bilərsinizmi?” Bu zaman baxıb onu (yoldaşını) Cəhənnəmin ortasında görəcək və deyəcək: “Allaha and olsun ki, az qalmışdı sən məni də məhv edəsən. Əgər Rəbbimin neməti olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım. (Sonra dostlarına deyəcək:) Biz heç ölməyəcəyikmi? İlk ölümümüzdən başqa bir də ölməyəcək və heç vaxt əzaba düçar olmaya­­cağıq ki?” Doğrusu, bu, həmin böyük zəfərdir. Qoy çalışanlar belə bir aqibət üçün çalışsınlar! Bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalımlar üçün əzab-əziyyət vasitəsi etdik. O, Cəhənnəmin dərinliyindən bitib çıxan bir ağacdır. Onun çiçəyi şeytanların başları kimidir. Onlar (günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar. Üstündən də üfunətli qaynar su içəcəklər. Sonra Cəhənnəmə qaytarılacaqlar. Çünki onlar ata-babalarını azmış gördülər, ancaq buna baxmayaraq, sürətlə onların izini tutub getdilər. Onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Biz onlara qorxudanlar göndərdik. Bax gör qorxudulanların aqibəti necə oldu. Təkcə Allahın ixlaslı bəndələri müstəsnadır. Nuh Bizi çağırdı. Biz (çağırışa) necə də gözəl cavab verənik! Onu və ailəsini böyük sıxıntıdan qurtardıq. —————————————————————————————- 55-57. Cənnət sakinləri ilə Cəhənnəm sakinlərinin əlaqəsi: Bu ayədən belə məlum olur ki, bəzən Cənnət sakinləri ilə Cəhənnəm sakinləri arasında bir növ əlaqə yaranır. Belə təsəvvür yaranır ki, sanki Cənnət sakinləri yuxarıda qərarlaşıb, oradan Cəhənnəm sakinlərinə baxır, onların vəziyyətindən xəbərdar olurlar. Əlbəttə, bu, Cənnətlə Cəhənnəm arasındakı məsafənin az olduğunu deməyə əsas vermir. Əslində, Allah-taala Cənnət sakinlərinə qeyri-adi görmə qabiliyyəti verir və bu zaman fasilə və məkan heç bir maneə yarada bilmir. Bəzi hədislərdə Cənnətdə bir dəlik olduğu və Cənnət sakinlərinin həmin dəlikdən Cəhənnəm sakinlərinə baxdıqları qeyd edilmişdir. “Əraf” surəsinin ayələrində də Cənnət sakinləri ilə Cəhənnəm sakinləri arasında əlaqə olduğu aydın şəkildə qeyd edilir: “Cənnət əhli Cəhənnəm sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər.” (Əraf – 44). Əlbəttə, bu ayədən Cənnət sakinləri ilə Cəhənnəm əhli arasında pərdə olduğu da məlum olur. Bütün bunlarla yanaşı, Qiyamət gününün şərtləri və vəziyyəti ilə bu dünyanın vəziyyəti tamamilə fərqlidir. Biz oranın şərtlərini bu dünyanın meyarları ilə qiymətləndirə bilmərik.[6] 62-65. Zəqqum: “Zəqqum” kiçik, acı və pis qoxulu yarpaqları olan bir ağacın adıdır. Bu ağacın yarpaqlaı qoparıldığı zaman yerindən şirə süzülür. Bu şirə bədənin harasına düşərsə, oranı şişirdir. Sözügedən ağac quru və səhraya yaxın olan, susuz və bitkisiz ərazilərdə bitir. Hədislərdə qeyd edilir ki, qüreyşlilər bu ayəni eşitdikdən sonra: “Biz bu vaxta qədər bu adda ağac eşitməmiş, belə bir ağac tanımırıq”, – deyirlər. Zəbəri adlı bir şəxs deyir: “Bərbərlərin dilində “zəqqum” xurma və yağa deyilir”. Əbu Cəhl kənizinə deyir: “Bizə zəqqum gətir”. Kəniz çorək və yağ gətirir. Sonra Əbu Cəhl dostlarına deyir: Mühəmmədin sizi qorxutduğu şeydən yeyin. O, elə güman edir ki, od ağac bitirir, halbuki od ağacı yandırır. Allah-taala bu ayəni nazil edir: “Biz onu günahkarlar üçün əzab-əziyyət vasitəsi etdik.”[7] Əslində, onlar axirət dünyasına hakim olan qanunların bu dünya qanunlarından fərqləndiyini bilmirdilər. Cəhənnəm quyusunun bitki və ağacları Cəhənnəm rəngindədir və Cəhənnəmin şəraitinə uyğun bitmişdir. Bəlkə də onlar bunu bilirdilər, sadəcə məqsədləri məsxərə və istehza olmuşdur. Sonrakı ayədə belə deyilir: “Onun çiçəkləri şeytanların başları kimidir.” Burada ortaya belə bir sual çıxır: İnsanlar şeytanların başlarını görmüşdülərmi ki, Quranda zəqqumun çiçəkləri onlara bənzədilmişdir? Təfsirçilər bu suala bir sıra cavablar vermişlər. Onlar arasında ən düzü bəlkə də budur ki, qeyd olunan bənzətmədən həmin güllərin son dərəcə çirkin və iyrənc olduğunu göstərmək üçün istifadə edilmişdir. Belə ki, insan nifrət etdiyi hər bir şey üçün təsəvvüründə çirkin və qorxulu bir sima yaradır. Ancaq sevdiyi şey üçün gözəl və sevimli bir surət xəyal edir. Buna görə də mələk təsvirlərini çox gözəl, Şeytan və div təsvirlərini isə çirkin simalarda verirlər. Halbuki hələ mələk və divi görən olmamışdır.[8] Nuhun duası: Bu ayədə “Nuhun (ə) duası” deyilərkən onun öz qövmü üçün etdiyi nifrin və Rəbbindən dilədiyi yardım nəzərdə tutulmuşdur. “Nuh” surəsinin 26-cı ayəsində belə deyilir: “Nuh dedi: “Ey Rəbbim! Kafirlərdən heç birini yer üzündə saxlama”. “Qəmər” surəsinin 10-cu ayəsində belə deyilir: “O, Allaha “Mən məğlub oldum, mənim intiqamımı onlardan al!” – deyə müraciət etdi.”[9]   Təkcə onun nəslini qoruyub saxladıq. Sonra gələn ümmətlər arasında onun gözəl adını qoruyub saxladıq; Aləmlər içərisində Nuha salam olsun! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Çünki o Bizim mömin qullarımızdandır. Sonra o birilərini suya qərq etdik. İbrahim onun ardıcıllarından idi. Bir zaman o, öz Rəbbinin hüzuruna sağlam qəlblə gəldi. Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz? Allahı qoyub uydurma məbudlaramı üz tutursunuz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?” (Sonra) o, ulduzlara bir nəzər salaraq “Mən xəstəyəm!” – dedi. Onlar ondan üz döndərib ona arxa çevirdilər (sürətlə oradan uzaqlaşdılar). (O, bütxanaya daxil oldu,) xəlvətcə onların məbudlarına baxıb istehza ilə dedi: “Nə üçün (bu təamları) yemirsiniz? Nə üçün danışmırsınız?” Sonra onlara yaxınlaşdı, sağ əli ilə onlara möhkəm bir zərbə endirdi (böyük bütdən başqa hamısını qırdı). Onlar tələsik onun yanına gəldilər. O dedi: “Siz öz əlinizlə yonduqlarınızamı sitayiş edirsiniz? Halbuki sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. (Bütpərəstlər) dedilər: “Onun üçün uca bir bina tikin və onu od Cəhənnəminə atın!” Onlar İbrahimi məhv etmək üçün tədbir tökmüşdülər, amma Biz onları məğlub və rüsvay etdik. (O, bu təhlükədən xilas olduqdan sonra) dedi: “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir. Ey Rəbbim! Mənə əməlisalehlərdən olan saleh bir övlad bəxş et!” Biz də onu səbirli və dözümlü bir yeniyetmə ilə müjdələdik. O, onunla birlikdə çalışmaq həddinə çatdıqda dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm, sənin fikrin nədir!” Dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allahın istəyi ilə mənim səbirlilərdən olduğumu görəcəksən”. ————————————————————————————– İbrahim və sağlam qəlb: Bilirik ki, Quran leksikonunda “qəlb” deyilərkən ruh və ağıl nəzərdə tutulur. Buna görə də “sağlam qəlb” istənilən şirk, şəkk-şübhə və fəsaddan uzaq olan pak, təmiz, sağlam ruha deyilir. Quranda bəzi qəlblərə “qasiyə” – bərk, qatılaşmış, daşürək (Maidə-13), bəzisinə natəmiz (Maidə-41), bəzisinə xəstə (Bəqərə-10), bəzisinə də möhürlənmiş və bağlanmış (Tövbə-87) deyilir. Bunlarla yanaşı, qeyd olunan qüsurlardan uzaq, pak, yumşaq, sevgi dolu, haqq qarşısında təslim olan sağlam qəlb ifadəsi də işlədilmişdir. Hədislərdə sağlam qəlbin Allahın hərəmi adlandırıldığına rast gəlirik. İmam Sadiq (ə) buyurmuşdur: “Qəlb Allahın hərəmidir. Allahın evində Allahdan qeyrisini məskunlaşdırma!” Bu qəlb qeyb həqiqətlərindən xəbərdar ola bilən, mələklər aləmini görə bilən gözə malik qəlbdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Əgər şeytanlar Adəm övladlarının qəlbini əhatə etməzlərsə, şübhəsiz, onlar mələklər aləmini görərlər.” Ümumiyyətlə, Qiyamətdə insanı xilas edəcək ən yaxşı sərmayə sağlam qəlbidr. İbrahim (ə) Allah dərgahına bu qəlblə tələsib peyğəmbərlik əmri almışdır. İmam Rza (ə) buyurmuşdur: “Allahın bəndələri arasında “ürək” adlanan bir qabı vardır. Bu qabların ən yaxşısı saf, möhkəm və zərif olanıdır: Allahın dinində ən möhkəm, günahlardan ən pak, din qardaşları qarşısında ən zərif olanı!”[10] 88-89. İbrahim (ə) yalan danışmadı: Şübhəsiz ki, İbrahimin (ə) xəstələndiyini deməsi onun ulduzlara baxması ilə bağlı idi. Bu əlaqə ilə bağlı iki fikir mövcuddur: 1. Onun ulduzlara baxması xəstələnəcəyi saatı təyin etmək üçün olmuşdur. Məsələn, fasiləli qızdırma xəstəliyinə düçar olmuş bir adam qızdırmasının qayıdacağını hər hansı ulduzun çıxması və batması və ya ulduzların xüsusi vəziyyəti ilə təyin edir;  2. O, ulduzlara baxmaqla tezliklə xəstələnəcəyini müəyyən etmişdir. Belə ki, çoxları, o cümlədən ulduzpərəstlər ulduzların vəziyyətinə baxmaqla gələcəkdə baş verəcək hadisələrdən xəbərdar olmağın mümkünlüyünə inanırlar. Əlbəttə, bu ikisi arasında birinci nəzər daha doğru görünür. Çünki İbrahimin təkallahlıq inancı o qədər xalis idi ki, dünyada heç kəsin və heç nəyin müstəqil təsir gücünə malik olduğuna inanmırdı. 84-cü ayədə də ruh və etiqadının sağlamlığından bəhs edilən belə bir şəxsin öz xəstəliyini ulduzla təyin etməsi, yalan və əsassız söz danışması mümkün deyil. Digər tərəfdən, onun xəstə olmaması ilə bağlı heç bir dəlil yoxdur. Ayənin zahirinə əsasən onun xəstə olduğu aşkardır. Bu məsələ birinci izahla da tamamilə üst-üstə düşür.[11] Mən Rəbbimə doğru gedirəm: Bu, İbrahimin (ə) kafirlərə verdiyi vədə sədaqətinin ifadəsidir. O, müşrik Azərə belə deyir: “Mən sizi və sizin Allahdan başqa tapındığınızı tərk edib bir kənara çəkilir və öz Rəbbimi çağırıram, Rəbbimin çağırışımı cavabsız qoymayacağına ümidvaram.” (Məryəm-48). Bu ayədən belə məlum olur ki, İbrahim (ə) “Rəbbimə doğru gedirəm” deyərkən təklikdə Allaha ibadət, dua və raz-niyaz edəcəyi məkana gedəcəyini nəzərdə tutmuşdur. Bu məkan Şam məmləkəti olmuşdur.[12]   Hər ikisi təslim olduqları və İbrahim onun alnını torpaq üzərinə qoyduğu vaxt Biz onu çağırıb dedik: “Ey İbrahim! Artıq sən yuxunu gerçəkləşdirdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aşkar imtahandır. Biz böyük bir qurbanlığı ona əvəz verdik. Onun yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik. İbrahimə salam olsun! Yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. O, Bizim mömin qullarımızdandır. Onu layiqlilərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdələdik. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənlər də var, açıq-aşkar özünə zülm edənlər də. Biz Musa ilə Haruna nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük qəm-qüssədən xilas etdik. Onlara köməklik göstərdik, düşmənlərinə qalib gəldilər. Hər ikisinə aydınlıq gətirən kitab verdik. Hər ikisini doğru yola yönəltdik. Yaxşı adlarını sonrakı ümmətlər arasında əbədiləşdirdik. Musaya və Haruna salam olsun! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Onlar ikisi də Bizim mömin qullarımızdandır. İlyas da elçilərdəndir. Bir zaman o öz qövmünə demişdi: “Məgər təqvalı olmursunuz? Siz yaradanların ən yaxşısını qoyub “Bə’l” bütünümü çağırırsınız – həm sizin, həm də əcdadlarınızın Rəbbi olan Allahı tərkmi edirsiniz?” —————————————————————————————- 102-106. İbrahim qurbanda: Bu ayədə İbrahimin oğlu İsmaıl nəzərdə tutulmuşdur. Təfsirçilərin yazdığına görə, həmin vaxt İsmaılın on üç yaşı olmuşdur. İbrahim qəribə bir yuxu görür, həmin yuxunun böyük bir imtahanın başlandığından xəbər verdiyini başa düşür. Yuxuda Allah tərəfindən ona yeganə oğlunu öz əlləri ilə qurban kəsmək əmri verildiyini görür. Allahın imtahanından dəfələrlə üzüağ çıxmış bu əzəmətli peyğəmbər ürəyini ümman etməli, Allahın fərmanına boyun əyməli, ancaq hər şeydən əvvəl övladını bu işə hazır etməli idi. Buna görə də övladının bu barədə fikrini soruşur. Fədakar atasının varlığının bir nüsxəsi olan, az müddət ərzində səbir, dözümlülük və iman dərsini atasından öyrənmiş İsmaıl Allahın fərmanını gülər üzlə qarşılayır, atasını da buna həvəsləndirir. Atası qurban məsələsini on üç yaşlı oğlu ilə açıq danışır, onu seçimində müstəqil və azad buraxır. Övlad da öz növbəsində atasının qərarlı, qərarında isə qətiyyətli olmasını istəyir. Bu barədə fərqli fikirlər mövcuddur. Onların bəzisi daha heyrətamizdir. Belə ki, deyilənə görə, fədakar övlad atasına öz vəzifəsini yerinə yetirməkdə kömək etmək üçün belə deyib: “Ata, ipi möhkəm bağla ki, Allahın əmri yerinə yetiriləndə çabalamayım. Qorxuram (çabalayım və) savabım azalsın. Atacan, bıçağı iti et, bıçağı boğazıma sürətlə çək ki, ona dözmək həm mənə, həm də sənə daha asan olsun. Atacan, öncə paltarımı çıxar ki, qana boyanmasın. Çünki anamın qanlı paltarı görüb dözümsüzlük göstərəcəyindən qorxuram”. Hədislərin bəzisində belə yazılıb: “Şeytan İsmailin anası Hacərin yanına gedib deyir: “İbrahim övladını qurban kəsmək istəyir”. Hacər deyir: “Get və mümkün olmayan sözlər danışma! O, çox mərhəmətli adamdır”. Şeytan vəsvəsələrinə davam edərək deyir: “O, iddia edir ki, bunu ona Allah əmr edib”. Hacər deyir: “Əgər Allah əmr edibsə, itaət göstərmək lazımdır, razılıq verməkdən və təslim olmaqdan başqa yol yoxdur”. Şeytan yenə də öz vəsvəsəsinə davam edir, ancaq heç bir nəticə hasil olmadığını görüb İbrahimin yanına gedir: “İbrahim, gördüyün yuxu şeytani yuxudur. Şeytana itaət etmə”. İbrahim iman və peyğəmbərlik işığı sayəsində onu tanıyır, üstünə çığıraraq deyir: “Uzaq ol, ay Allahın düşməni!” Hədislərin birində belə yazılıb: “İbrahim oğlunu kəsmək üçün ilk öncə Məşhərül-harama gedir. Şeytan qaça-qaça onun dalınca düşür. O, “birinci cəmərə”yə (daş atılan yerə) çatır. Şeytan da onun dalınca qaçır. İbrahim ona yeddi daş atır. “İkinci cəmərə”yə çatdıqda yenə də Şeytanın gəldiyini görüb ona yeddi daş atır. “Sonuncu cəmərə”yə çatdıqda Şeytana yeddi daş da atıb onu həmişəlik məyus edir. Hər halda, İbrahim övladının üzünü yerə qoyub bıçağı çəkir, ancaq iti bıçaq onun övladının yumşaq və zərif boğazına təsir etmir. Bu zaman Allah tərəfindən nida gəlir və ona vəzifəsinə əməl etdiyi, böyük imtahandan üzüağ çıxdığı buyurulur. Bəzi hədislərdə belə qeyd edilib: “Bu hadisə zamanı Cəbrail heyrət içində “Allahu əkbər, Allahu əkbər…” deyir, İsmail “la ilahə illəllah, Allahu əkbər”, İbrahim isə uca səslə “Allahu əkbər və lillahil-həmd” deyir. Bu, bizim Qurban bayramı günü söylədiyimiz təkbirlərdir. Oğlunun əvəzində qurban kəsməsi, gələcəkdə həcc mərasimləri zamanı Minada bir ənənə kimi icra edilməsi üçün Allah-taala bir qoç göndərir. İnsan həccdə ilk baxışda ona  qaranlıq qalan və zahirən heç bir mənası olmayan əməllərlə qarşılaşır. Ancaq İbrahimin (ə) həyatı ilə tanış olsa, hər bir əməlin dərin məna daşıdığını görər. “Cəmərə”lərdə daş atılması o vaxt İbrahim (ə) tərəfindən yerinə yetirilmiş və Şeytanın daşlanmasını simvolizə edən bir əməldir. Minada qurban kəsilməsi insana İbrahimin (ə) böyük imtahanını, İsmailin qurban kəsilməsi əmrini, hər ikisinin Allahın əmrinə itaət göstərməsini xatırladır. Həccin digər əməlləri də eynilə bu şəkildə dərin mənaları ehtiva edir. Məhz elə buradan da biz “İbrahimin yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik” ayəsinin mənasını yaxşı başa düşürük.[13]   Onlar onu yalançı saydılar. Ancaq şübhəsiz ki, hamısı (Allahın ədalət məhkəməsinə) gətiriləcəkdir. Allahın ixlaslı qulları müstəsnadır. Onun yaxşı adını sonrakı ümmətlər arasında əbədiləşdirdik. İlyasinə salam olsun! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. O Bizim mömin bəndələrimizdəndir. Lut da elçilərdəndir. Bir zaman Biz onu və bütün ailəsini xilas etdik. Təkcə geridə qalanlardan olan yaşlı bir qadından başqa. Sonra da qalanlarını məhv etdik. Siz həm səhər çağı onların yanından (şəhərlərinin xarabalıqlarının yanından) keçirsiniz, həm də axşam çağı. Düşünmürsünüzmü? Yunis da elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Onlarla püşk atdı və məğlub oldu. (Onu dənizə atdılar) və böyük bir balıq onu uddu. Həmin vaxt o qınanmağa layiq idi. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı. Xəstə vəziyyətdə onu bitkisiz və quru bir əraziyə atdıq. Başı üzərində balqabaq tağı bitirdik. Biz onu yüz mindən də çox adamı olan bir cəmiyyətə göndərdik. Onlar ona iman gətirdilər, Biz də müəyyən vaxtadək onları həyat nemətlərindən bəhrələndirdik. Onlardan soruş: “Qızlar sənin Rəbbinin, oğlanlar isə onlarındırmı?” Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar? Bilin, onlar bu böyük böhtanları ilə deyirlər: “Allah doğmuşdur”. Lakin onlar şübhəsiz ki, yalan danışırlar. Məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur? ——————————————————————————- 139-148. Yunis (ə) sınaq qarşısında: Yunis (ə) digər peyğəmbərlər kimi çağırışa tövhidlə, bütpərəstlərə qarşı mübarizə ilə başlamış, sonra yaşadığı cəmiyyətdə yayılmış çirkin davranışlarla mübarizəyə qalxmışdır. Yunis (ə) mehriban bir ata xeyirxahlığı, qayğısı, nəvazişi və sevgisi ilə haqq yoldan sapmış camaata nəsihət verməkdən əl çəkməmişdir. Ancaq hikmətli məntiqi qarşısında yalnız söz oyunu və səfsətə ilə qarşılaşmışdır. Uzun müddət təbliğat apardıqdan sonra çox az sayda adam – iki nəfər (bir abid, bir alim) iman gətirmişdi. Yunis (ə) çox təbliğat aparır, nəhayət, onların haqq yola gələcəklərindən məyus olur, abidin təklifi ilə, eyni zamanda qövmünün vəziyyətini analiz edərək onları nifrin etmək qərarına gəlir. Nifrin etdikdən sonra ona ilahi əzabın nə zaman nazil olacağı vəhy edilir. Əzab vaxtı yaxınlaşdığında Yunis (ə) qəzəbli halda abidi də özü ilə götürüb qövmünü tərk edir və dəniz sahilinə gedir. Orada sərnişin və yüklə dolu bir gəmi görür. Onlardan onu da aparmasını istəyir. 140-cı ayədə bu hadisəyə işarə edilmiş, onun gəmiyə doğru gedişi qaçmaq kimi ifadə edilmişdir. Şübhəsiz ki, Yunis (ə) məsum peyğəmbərdir və əsla günah etməz. Ancaq yaxşı olardı ki, bir qədər də dözəydi, əzab nazil olacağı son ana qədər, camaatı tərk etməyəydi, səbirli olaydı. Bəzi hədislərdə onun qırx il təbliğat apardığı yazılmışdır. Ancaq bu müddətə bir neçə saat da əlavə etməsi çox yaxşı olardı. Belə etmədiyi üçün fərari bəndəyə bənzədilmişdir. Yunis (ə) gəmiyə mindikdən sonra böyük bir balıq gəminin önünü kəsib ağzını açır, sanki yeməyə nə isə istəyir. Gəmidə olanlar deyirlər ki, gəmidə bir günahkar var və o, bu balığa yem olmalıdır, həmin adamın kimliyini müəyyən etmək üçün isə püşk atmaqdan başqa çarə yoxdur. Püşkdə Yunisin (ə) adı çıxır. Onu tutub balığın ağzına atırlar. Allah balığa bəndəsi Yunisə (ə) heç bir əziyyət verməməyi əmr edir. O, tərk etdiyi daha yaxşını dərk etməsi və yanlışını düzəltmək qərarına gəlməsi üçün misli görülməmiş bir məhbusluq həyatı yaşamalı idi. Allah-taala buyurur ki, əgər o, Allaha tərif deyənlərdən olmasaydı, Qiyamətə qədər balığın qarnında qalacaqdı və bu müvəqqəti həbsxana onun daimi həbsxanasına, hətta qəbrinə çevriləcəkdi. Ancaq Yunis (ə) hadisənin mahiyyətinə varır, bütün varlığı ilə Allah dərgahına üz tutub daha yaxşı əməli tərk etdiyi üçün Allahdan bağışlanmasını diləyir. “Ənbiya” surəsinin 87-ci ayəsində Allah-taala belə buyurur: “O, qatı qaranlıqlar içində fəryad qoparıb demişdi: “Səndən başqa heç bir tanrı yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Bu doğru etiraf, peşmançılıqla müşayiət olunan bu tərif öz işini görür. Belə ki, “Ənbiya” surəsinin 88-ci ayəsində Allah-taala belə buyurur: “Biz onun duasını qəbul etdik, onu qəm-qüssədən xilas etdik, möminləri belə xilas edirik.” Böyük balıq Allahın əmri ilə quru və ot-ələfsiz bir sahildə başından çox böyük olan tikəsini sahilə tullayır. Ancaq bu qeyri-adi həbsxana Yunisin (ə) sağlamlığına ziyan vurur, onu xəstələndirir və zəifləməsinə səbəb olur. Deyilənə görə, o, balığın qarnından çıxarkən yumurtadan yeni çıxmış qanadsız bir cücə kimi zəif olur. Hətta hərəkət etməyə belə taqəti olmur. Allah onun zəif bədəninə kölgə salması və onu günəş istisindən qoruması üçün başı üzərində balqabaq kolu bitirir. Daha sonra Yunis (ə) qovmünün əzabdan sonrakı aqibətini öyrənmək üçün yola düşür. Onların yaşadıqları əraziyə çatdıqda çox təəccüblənir, o hicrət edərkən bütün qövmü bütpərəst idi, indi necə olub ki, hamısı allahpərəst və təkallahlı olub. Əslində, hadisə belə olmuşdu: Yunisin (ə) nifrini onlara çox təsir edir. Buna görə də çarə yolları axtarırlar, mömin alimin göstərişi ilə tövbə etmək qərarına gəlirlər. Kollektiv şəkildə səhraya üz tuturlar, anaları övladlarından, heyvanları balalarından ayırır, bundan sonra ah-nalə edə-edə, ağlaşma içində Allahdan bağışlanma diləyirlər. Bu zaman əzab pərdəsi çəkilir, bəla dağlara dəyir, tövbə edən mömin cəmiyyət xilas olur, bundan sonra Yunisə (ə) iman gətirib müəyyən müddətə qədər dünya nemətindən bəhrələnirlər.[14]   Sizə nə olub, necə hökm çıxarırsınız? (Nə etdiyinizi başa düşürsünüz?) Xatırlamırsınızmı? Sizin bu barədə açıq-aydın bir dəliliniz varmı? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin! Onlar onunla (Allahla) cinlər arasında qohumluq əlaqəsinin olduğunu uydurdular. Halbuki cinlər onların Allah məhkəməsinə gətiriləcəyini yaxşı bilirlər. Allah onların aid etdikləri sifətlərdən uzaqdır. Təkcə Allahın ixlaslı bəndələri istisnadır. Nə siz, nə də sizin tapındıqlarınız heç kəsi aldada bilməzsiniz; təkcə Cəhənnəmə girəcək şəxslər istisnadır. (Mələklər dedi): “Bizlərdən hər birimizin müəyyən bir yeri vardır. Biz sıraya düzülmüşük. Biz hamımız Ona təriflər deyirik”. (Müşriklər) elə hey deyirdilər: “Əgər bizdə də əvvəlkilərdə olan kitablardan biri olsaydı, biz, mütləq, Allahın ixlaslı bəndələri olardıq”. (Lakin bu böyük səmavi kitab onlara nazil olduqdan sonra) onlar onu inkar etdilər. Ancaq tezliklə biləcəklər. Bizim göndərdiyimiz bəndələr haqqında verdiyimiz vəd əzəldən deyilmişdi: “Onlar yardım olunanlardır. Bizim qoşunumuz qalibdir”. Sən bir müddət onlardan üz çevir! Onların vəziyyətinə bax! Tezliklə (əməllərinin nəticəsini) görəcəklər. Onlar əzabımız üçün tələsirlər? Əzabımız onların evlərinin kandarına endiyi zaman qorxudulanların sabahı çox pis olacaq! Sən müəyyən vaxta qədər onlardan üz çevir! Onların vəziyyətinə bax! Onlar tezliklə (əməllərinin nəticəsini) görəcəklər. Sənin Rəbbin, yenilməz qüdrət sahibi olan Rəbb müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır, pakdır. Elçilərə salam olsun! Həmd və tərif aləmlərin Rəbbi olan Allaha məxsusdur! —————————————————————————————– 159-160. Allahı tanımaq üçün kimin yanına gedək? Bu ayələrə əsasən, insanların Allaha aid etdiyi istənilən səciyyə yanlışdır. Allah təkcə ixlaslı bəndələrin, şirk, nəfsani istəklər, cəhalət və azğınlıqdan uzaq olan, Allahın yalnız Onun Öz icazə verdiyi xüsusiyyətlərlə səciyyələndirən bəndələrin bəyan etdiyi xüsusiyyətlər istisna olmaqla, bütün xüsusiyyətlərdən ucadır. Allahı tanımaq üçün cahil xalqlardan qalmış, dilə gətirilməsi utanc verən xurafatların arxasınca düşmək olmaz. Sözləri insan ruhunu göyün ənginliklərində pərvaz etdirən, tövhid işığında qərq edən, istənilən şirk qırıntısını qəlbdən yuyub aparan, hər növ bənzətməni və cisimləşdirməni beyinlərdən yox edən ixlaslı bəndələrin yanına getmək lazımdır. Peyğəmbər və onun məsum Əhli-beytinin sözlərinə üz tutmaq, Allahı onların bəyan etdiyi xüsusiyyətlər əsasında tanımaq lazımdır. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Düşüncələr Allaha yetişə bilməz ki, Ona ölçü təsəvvür edə bilsin, iti fikirlər Onu dərk edə boilməz ki, Onunla bağlı bir təsəvvür yarada bilsin. Hisslər Onu hiss edə bilməz, əllər Ona toxuna bilməz, Onda dəyişiklik baş vermir, zaman na təsir göstərmir. Gecə-gündüzün axışı onu qocaltmır, işıq və qaranlıq ona təsir etmir. Allah üzvlərlə, bədənlə, qeyri-zati sifətlərlə, çevrilmə və dəyişilmə ilə  səciyyələndirilmir. Onun ölçüsü və sonu yoxdur, Onun üçün yoxluq və son yoxdur.”[15] 171-173. Allahın peyğəmbərlərə kömək edəcəyi ilə bağlı verdiyi qəti vəd: Quranın bir sıra ayələrində işarə edilmiş vəd haqq yolunun yolçularına təsəlli verən, onların ruh aldığı, yorulduqları zaman onlara yeni nəfəs verən, damarlarındakı qanı təzələyən ən mühüm faktorlardan biridir. Haqq ordusunun batil üzərindəki qələbəsi, Allah qoşunlarının zəfəri, Allahın peyğəmbərlərə və həqiqi möminlərə köməyi Onun qəti vədlərindən və qanunlarındandır. Ancaq burada ortaya belə bir sual çıxır: Nə üçün bəzi peyğəmbərlər şəhid edilir, bəzi möminlər məğlubiyyətə uğramış və uğramaqdadırlar? Birincisi, “qələbə” və “səfər” sözü geniş məna ifadə edir, heç də hər zaman düşmən üzərində çalınan zahiri və fiziki qələbəni ifadə etmir. Bəzən qələbə məktəbin qazandığı qələbə ilə ölçülür. Əsl qələbə də elə məhz budur. Məsələn, düzdür ki, İmam Hüseyn (ə) və silahdaşları Kərbəlada şəhid oldular. Ancaq buna baxmayaraq, onların məqsədi hasil oldu. Belə ki, onların məqsədi Peyğəmbərin (s) xəlifələri olduqlarını iddia edən Əməvilərin çirkin simasını açıb göstərmək idi, öz məqsədlərinə də çatdılar. Müsəlmanları onların təhlükəsindən xəbərdar etdilər, İslamı tənəzzüldən xilas etdilər. İndi onların Kərbəlada məğlub olduqlarını demək olarmı? Peyğəmbərlər və möminlər haqq düşmənlərinin davamlı və mütəşəkkil səyləri qarşısında öz hədəflərini reallaşdıra, özlərinə çoxlu ardıcıl toplaya, məktəblərinin xəttini əbədiləşdirə, bütün fırtınalara sinə gərə, hətta müasir dünyada da dünya əhalisinin əksər hissəsinin diqqətini özlərinə cəlb edə bilmişlər. İkincisi, bu vədin mütləq və qeyd-şərtsiz deyil, şərtli olduğunu yaddan çıxarmamalıyıq. Yanlışlıqların çoxu bu həqiqətin diqqətdən kənarda qalmasından qaynaqlanır. Sözügedən ayədə “Bizim bəndələrimiz”, “Bizim qoşunumuz”, başqa ayələrdə “Allah ordusu”, “Bizim yolumuzda cihad edənlər”, “kim Allaha kömək etsə, ona kömək edər” və sair məzmunlu ifadələr də qələbə şərtləri üçün aşkar dəlillərdir. Allahın verdiyi bu vəd ürəkdən və candan Allahın razılığını istəyən, əməldə Onun fərmanına boyun əyən, təqva və əmanəti unutmayan şəxslərə məxsusdur.[16] [1] Nümunə, c.19, səh.3 [2] Əl-mizan, c.17, səh.122 [3] Əl-Mizan, c.17, səh.126 [4] Nümunə, c.19, səh.48; Əl-Mizan, c.17, səh.137 [5] Nümunə, c.19, səh.56 [6] Nümunə, c.19, səh.64 [7] Əl-Mizan, c.17, səh.144 [8] Nümunə, c.19, səh.71 [9] Əl-Mizan, c.17, səh.146 [10] Nümunə, c.19, səh.97 [11] Əl-Mizan, c.17, səh.149 [12] Əl-Mizan, c.17, səh.152 [13] Nümunə, c.19, səh.109 [14] Nümunə, c.19, səh.152 [15] Nümunə, c.19, səh.176 [16] Nümunə, c.19, səh.187

QURANI KƏRIM 13.02.2025

“Yasin” surəsi

“Yasin” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ya Sin! And olsun hikmətli Qurana! Əlbəttə, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan. Bu Quran qüdrətli və rəhmli Allah tərəfindən nazil edilib ki, ataları qorxudulmamış, buna görə də özləri qafil olan bir qövmü qorxudasan. Əmr onların çoxu barəsində gerçəkləşdi. Buna görə iman gətirmədilər. Biz onların boyunlarına, çənələrinə qədər uzanan və başlarını dik saxlayan buxovlar keçirtdik. Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərini bağladıq. Buna görə də onlar görmürlər. Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər. Sən ancaq Allahın bu xatırlatmasına tabe olub mərhəmətli Allahdan gizlində qorxan şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox qiymətli bir mükafatla müjdələ. Həqiqətən, Biz ölüləri dirildir, onların qabaqcadan göndərdiklərini və özlərindən sonra qoyub getdikləri əməlləri yazırıq. Biz hər şeyi aydınlıq gətirən kitabda qeydə almışıq. ————————————————————————————— “Yasin” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları dörd qrup üzrə ümumiləşdirmək olar: 1. İslam peyğəmbərinin (s) peyğəmbərliyindən və əzəmətli Qurandan danışılır; 2. Allahın göndərdiyi üç peyğəmbərin peyğəmbərlik missiyasından, onların tövhid inancına çağırış formasından, şirklə əzmkar mübarizələrindən bəhs edilir; 3. Mövcudat aləminin Allahın əzəmətini ehtiva edən nişanələri və Onun birliyini göstərən incəliklərdən danışılır. 4. Məad və onun müxtəlif dəlillərlə sübuta yetirilməsi, qəbirdən qalxma, dirilmə, Qiyamət gününün sual-cavabı, dünyanın sonu, Cənnət və Cəhənnəmdən söhbət açılır. Hədislərə əsasən bu surə Quranın qəlbi adlandırılmışdır.[1] 7-10. Dərketmə vasitələrinin yararsızlığı: 7-ci ayədə Şeytanın ardıcıllarına Cəhənnəm əzabı vəd verilir. Belə ki, Allah-taalanın “Səcdə” surəsinin 13-cü ayəsində belə buyurduğunu görürük: “Mənim: “Cəhənnəmi, mütləq, bütün (günahkar və imansız) cin və insanlarla dolduracağam!” sözüm və vədim doğrudur.” Əlbəttə, bu, Allahla olan əlaqəsini tamamilə kəsənlərə, inadkarlıq və əbləhliyi son həddə çatdıran şəxslərə aiddir. İnsan yalnız o zaman islah ola və doğru yola yönələ bilər ki, tövhid fitrətini çirkin əməllər və pis əxlaqla tamamilə zay etməsin. Əks təqdirdə qaranlıq onun bütün qəlbinə hakim kəsilər, bütün ümid işartılarını bağlayar. İnsanın ətraf aləmlə bağlı məlumat əldə etmək istədikdə istifadə etdiyi vasitələr idrak vasitələri adlanır. Bu vasitələrin bəzisi daxili, bəzisi xarici vasitələr adlanır. Daxili vasitələrə ağıl, vicdan və fitrəti, xarici vasitələrə, görmə, eşitmə və sair hiss üzvlərini misal göstərə bilərik. Əgər bu vasitələrdən doğru-düzgün istifadə edilsə, günbəgün güclənər, həqiqətləri daha yaxşı və daha dəqiq göstərər. Ancaq bir müddət yanlış yollarda istifadə edilsələr və islahat üçün onlardan istifadə edilməzsə, tədricən dəyişərək həqiqətləri yanlış göstərər. İnsanın yanlış düşüncələri və əməlləri idrak vasitələrini ondan alır. Deməli, bu nemətlərdən məhrum olmanın əsas səbəbkarı insan özüdür. Buna görə də Quran və hədislərdə israrla təkid edilir ki, insan hər hansı xətaya yol verdikdə dərhal tövbə etsin, tövbəni təxirə salmasın, günahı davam etdirməkdən çəkinsin, kiçik maneələri böyük səddə çevrilməzdən əvvəl dağıtsın, inkişaf yolunu açıq qoysun, gözləri önündəki toz-torpağı təmizləsin.[2] Aydınlıq gətirən rəhbər: Təfsirçilərin çoxu bu ayədəki “aydınlıq gətirən rəhbər” ifadəsini “lövhi-məhfuz” kimi izah etmişlər. Bu, edilən bütün əməllərin və bu dünyada baş verən bütün hadisələrin qeydə alınıb saxlanıldığı kitabdır. Onun rəhbər adlandırılması bəlkə də Qiyamətdə savab və əzab məmurlarına rəhbərlik edəcəyi və yol göstərəcəyi, insanların əməllərinin ölçülməsi, mükafat və cəzalarını təyin edəcəyi üçündür.[3] Hədislərdə “aydınlıq gətirən rəhbər” ifadəsi ilə İmam Əliyə (ə) işarə edildiyini oxuyuruq. İmam Əliyə (ə) aid olan hədislərin birində belə buyurulur: “And olsun Allaha, mən aydınlıq gətirən rəhbərəm. Haqqı batildən ayırıram, bu, mənə Peyğəmbərdən (s) miras qalıb.” Hədislərinin birində Peyğəmbərin (s) İmam Əli (ə) haqqında belə buyurduğunu oxuyuruq: “O, elə bir imamdır ki, Allah-taala bütün elmləri ona vermişdir.” Əlbəttə, bu hədislər ayənin daha öncə qeyd etdiyimiz mənası ilə heç bir təzad təşkil etmir. Çünki hədislərdə ayənin batini və daha üstün mənasına işarə edilmişdir. Belə ki, Allahın misilsiz hesab etdiyi və bəndəliyini Özünə görə xalis etdiyi bir bəndəsinə aydınlıq gətirən kitabdakı elmləri lütf etməsinin heç bir problemi yoxdur. Bu şəxs isə Peyğəmbərdən (s) sonra təkallahlıların rəhbəri olan İmam Əlidən (ə) başqası deyil.[4] Sən onlara o zaman elçilər gəlmiş şəhər (Antakya) sakinlərini misal çək. İki nəfəri onlara elçi göndərdiyimiz zaman onlar elçiləri yalançı saydılar. O ikisini qüvvətləndirmək üçün üçüncü şəxsi də göndərdik. Onlar dedilər: “Biz sizə göndərilmiş elçilərik”. Onlar isə dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”. (Elçilərimiz) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik. Bizim vəzifəmiz ancaq açıq şəkildə çatdırmaqdır”. Onlar dedilər: “Biz sizdə nəhslik gördük. Əgər (bu sözlərinizə) son qoymasanız, sizi daşqalaq edəcəyik və ağrılı-acılı işkəncəmizə tuş gələcəksiniz. (Elçilər) dedilər: “Əgər doğru fikirləşsəniz, uğursuzluğunuz öz ucbatınızdandır. Doğrusu, siz həddi aşmış bir zümrəsiniz”. Şəhərin ən ucqar nöqtəsindən bir kişi sürətlə gəlib dedi: “Ay mənim qövmüm! Elçilərə tabe olun! Sizdən heç bir haqq istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin! Məni yaradan və hüzuruna qaytarılacağınız varlığa nə üçün ibadət etməyim? Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. Əgər belə etsəm, açıq-aydın bir azğınlıq içində olaram. Mən sizin Rəbbinizə iman gətirdim. Elə isə, mənə qulaq asın!” (Nəhayət onu şəhid etdilər,) ona: “Cənnətə daxil ol!” – deyildi. O dedi: “Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”. ————————————————————————————— Antakya şəhərinin sakinləri: Antakya Şamın ən qədim şəhərlərindən biridir. Bəziləri onun miladdan üç yüz il əvvəl salındığını qeyd edirlər. Bu şəhər keçmişdə sərvət, elm və ticarət baxımından Bizans imperatorluğunun üç böyük şəhərindən biri hesab edilirdi. Bu ayə ilə bağlı olan hədislərdə həzrət İsanın (ə) iki həvarisini əhalisi bütpərəst olan Antakya şəhərinə göndərdiyi qeyd edilmişdir. Həvarilər bu şəhərə gedib camaatı təkallahlıq inancına dəvət edir, dəvətlərinin doğru olduğunu sübuta yetirmək üçün xəstələrə şəfa vermək kimi möcüzələr göstərirlər. Şəhərin hakimi onları tutub həbs etdirir. Bu zaman həzrət İsa (ə) həvarilərin başçısı Şəmun Səfanı onların dalınca göndərir. O da şəhərin hakimini və camaatı allahpərəstliyə dəvət edir, möcüzələr göstərir. Quran ayələrindən belə məlum olur ki, şəhər sakinləri iman gətirmir və göy gurultusu vasitəsilə məhv edilirlər. Bəzi hədislərdə qeyd edilir ki, şəhər hakimi iman gətirmir, həm də şəhər əhalisi ilə əlbir olub həmin üç elçini qətlə yetirmək qərarına gəlir. Bu xəbər, haqqında 20-27-ci ayələrdə danışılan Həbib Nəccara çatır. O, şəhərin ən ucqar nöqtəsindən qaça-qaça gəlir, onlara xatırlatma verir, camaatı elçilərə itaət göstərməyə çağırır. Quran ayələrində onun da sonda bu kafir camaat tərəfindən qətlə yetirildiyi qeyd edilir. Hədislərdə bu haqq yolunun şəhidi haqqında qeyd edilmiş çox yüksək fikirlər Allah yanında onun çox yüksək məqam sahibi olduğundan xəbər verir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Ümmətlərin bir göz qırpımı qədər də Allaha kafir olmayan ən qabacıl şəxsləri üç nəfərdir: Əli ibn Əbutalib, Barəsində Yasin surəsində danışılan şəxs (Həbib Nəccar) və Firon nəslinin mömini. Onlar öz dövrlərinin peyğəmbərlərini təsdiq etmişlər. Əli onların ən üstünüdür.” 26-cı ayədə Həbib Nəccar haqqında belə buyurulmuşdur: “Ona: “Cənnətə daxil ol!” – deyildi.” Bu ayə sözügedən mömin kişinin şəhid olan kimi Cənnətə daxil olduğunu göstərir. Bu iki hadisə arasındakı fasilə o qədər qısadır ki, Quran çox incə ifadə ilə Həbibin şəhid olması yerinə onun Cənnətə daxil olmasını bəyan etmişdir. Təbii ki, burada söhbət Bərzəx Cənnətindən gedir. Çünki hədislərdə əbədi Cənnətin möminlərə Qiyamət günü nəsib olacağı qeyd edilmişdir. Kafirlərə vəd edilən Cəhənnəm də həmin günə aiddir. Hədislərinin birində İmam Əli (ə) qəbir haqqında belə buyurmuşdur: “Qəbir ya Cənnət bağlarından, ya da Cəhənnəm quyularından biridir.” Diqqət çəkən cəhət budur ki, bu Allah adamı (Həbib Nəccar) şəhid olduqdan sonra da xalqının iman gətirməsini arzu etmişdir. Peyğəmbər (s) belə buyurmuşdur: “Bu imanlı kişi həm həyatda olduğu vaxt, həm də öldükdən sonra qövmünün xeyrini istəmiş, onların haqq yola yönəlməsini arzu etmişdir.”[5]   Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. Ancaq təkcə dəhşətli bir göy gurultusu oldu. Qəfildən hamısı sükuta qərq oldu. Doğru yola yönəltmək üçün gələn bütün peyğəmbərləri iztehza edən bu qulların vay halına! Onlar özlərindən əvvəl neçə-neçə qövmləri məhv etdiyimizi və onların bir daha bunların yanına qayıtmadıqlarını görmürlərmi? Onların hamısı hüzurumuza gətiriləcəklər. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu diriltdik, oradan toxum çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən yesinlər. Halbuki onların yaranmasında heç bir rol oynamırlar. Allaha şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi, qəfildən onları qaranlıq bürüyür. Öz təyin olunmuş yerinə doğru daim hərəkətdə olan Günəş də (onlar üçün bir dəlildir). Bu, qüdrətli və bilən Allahın əzəli hökmüdür. Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o dönüb xurma ağacının qövs şəkilli və sarı rəngli qurumuş budağının şəklini alır. Nə günəş aya çata, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbitində üzür. —————————————————————————————- Onların bilmədikləri şeylər: Böyük ehtimalla, “cüt” deyilərkən, bu ayədə qadın və kişi cinsi nəzərdə tutulur. Quranın bu ayəsində bütün bitkilər, insanlar və insanların bilmədiyi digər varlıqların cütlərinin olduğu xəbər verilir. “Onların bilmədikləri şeylər” deyilərkən, ola bilsin ki, o dövrdə xurma ağacları və sair istisna olmaqla, cüt olduqları insanlara hələ məlum olmayan bitkilər nəzərdə tutulmuşdur. Halbuki bu gün cütləşmə prosesinin bitki aləminə xas olan ümumi bir xüsusiyyət olduğu artıq sübuta yetmiş bir məsələdir. Ola bilsin ki, ayədə dənizlərin dərinliklərində yaşayan və o dövrdə heç kəsə məlum olmayan, bu gün yalnız bəzi növləri kəşf edilmiş heyvanat aləmi nəzərdə tutulmuşdur. Burada “cüt” deyilərkən atomların daxilindəki müsbət və mənfi yüklü zərrəciklərə işarə edildiyi də ethimal edilmişdir. Bilirik ki, bu dünyada bütün əşyalar atomdan təşkil olunmuş və atom bu kainat binası üçün sanki təməl daşı rolunu oynayır. Atom parçalanmayana qədər heç kəsin bu cütlükdən xəbəri olmamışdır. Atom daxilində müsbət və mənfi yüklü zərrəciklərin olması və onların ətrafına fırlanan elektronların mövcudluğu sonradan sübuta yetmişdir.[6] Ayın mənzilləri: Mənzillər deyilərkən tam qaranlıq olmazdan qabaq ayın qət etdiyi 28 günlük dayanacaqlar nəzərdə tutulur. Ayın otuz gün olduğu vaxtlarda ay iyirmi səkkizinci günə qədər səmada görünür. Ancaq iyirmi səkkizinci gün çox nazik, sarı rəngdə və az işıqlı olur. Qalan iki gündə görünmür. Ayın iyirmi doqquz gün olduğu vaxtlarda ay səmada iyirmi yeddinci günə qədər görünür, qalan iki gündə görünmür. Bu dayanacaqlar çox dəqiq hesablanmışdır. Belə ki, astronomlar yüz illər öncədən dəqiq hesablamalar əsasında onları təyin edə bilirlər. Bu heyrətamiz sistem insanların həyatına nizam-intizam bəxş edir. Bu, elə bir təbii səma təqvimidir ki, savadlı və ya savadasız olmasından asılı olmayaraq, hər kəs onu oxuya bilər. Əgər insan azacıq diqqətli olsa və ayrı-ayrı gecələri nəzərdən keçirsə, ayın vəziyyətindən hansı ayın hansı gecəsi olduğunu dəqiq və ya təxmini şəkildə təyin edə bilər. Ayın əvvəlində hilalın ucları yuxarıya doğru olur, tədricən ayın həcmi böyüyür, yeddinci gecəyə, yəni ayın tam diskinin yarısının aşkar olduğu vaxta qədər bu böyümə davam edir. Böyümə on dördüncü gecəyə yəni ayın tam bədirləndiyi vaxta qədər davam edir. Bundan sonra ay kiçilməyə doğru gedir və iyirmi birinci gün yarımdairə şəklini alır. Kiçilmə iyirmi səkkizinci günə qədər davam edir və zəif hilal formasını alır. Bu vaxt hilalın ucları üzüaşağı olur.[7]   Onların övladlarını dolu gəmidə daşımağımız onlar üçün bir dəlildir. Biz onlar üçün buna bənzər minik vasitələri yaratdıq. Əgər istəsək, onları qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər. Yalnız Bizim onlara rəhm etməyimiz və müəyyən vaxtadək bu həyatdan faydalanmaları istisnadır. Onlara: “Önünüzdə olan və arxanızca gələndən  (Allahın əzabından) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə (etinasızlıq göstərirlər). Onlara öz Rəblərinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. Onlara: “Allahın sizə verdiyi ruzidən Allah yolunda xərcləyin!” – deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdək? Siz ancaq aşkar azğınlıq içindəsiniz”. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyə soruşurlar. Onlar sadəcə, bir-biri ilə höcətləşərkən onları yaxalayacaq böyük bir səsi gözləyirlər. Onlar vəsiyyət edə və ailələrinin yanına qayıda bilməyəcəklər. Sur üfürüldüyündə onlar dərhal qəbirlədən çıxıb Rəblərinə tərəf sürətlə axışacaqlar. Deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli Allahın vəd etdiyidir. Elçilər doğru deyirdilər”. Təkcə dəhşətli bir səsdir. Dərhal hamısı hüzurumuza gətiriləcək. Bu gün heç kəsə zərrə qədər haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. ————————————————————————————- Öndən və arxadan: Təfsirçilər bu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Ümumiyyətlə, burada “öndən” deyilərkən dünya əzabları nəzərdə tutulur. Əvvəlki ayələrdə onlardan bir neçəsi qeyd edilmişdir. “Arxadan” deyilərkən isə axirət əzabları nəzərdə tutulur. Axirət əzabı üçün “arxadan” ifadəsindən ona görə istifadə edilib ki, hələ baş verməyib, sanki insanın ardınca hərəkət edir və nəhayət, bir gün ona çatacaq, onu yaxalayacaq. “Bu əzablardan qorunmaq deyilərkən”, onlara səbəb olan amillərdən qorunma nəzərdə tutulur. İnsan onu yaxalayacaq əzablara səbəb olan olan işlərdən uzaq durmalıdır.[8] İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən hədislərinin birində belə buyurulmuşdur: “Yəni önünüzdə olan günahlardan və arxanızca gələn cəzalardan qorunun.”[9] Allah yolunda xərcləməkdən boyun qaçırmaq üçün bəhanə: Bu ayədə kafirlərin dilindən nəql edilən fikir hər bir dövrdə eqoist və paxıl insanların gətirdikləri əsassız bəhanələrdəndir. Məsələn, əgər filankəs yoxsuldursa, yəqin elə bir iş tutub ki, Allah onun yoxsul olmasını istəyib, əgər varlıdırsa, yəqin elə bir iş görüb ki, Allah ona qarşı lütfkarlıq göstərib. Deməli, həm onların yoxsulluğu, həm də bizim zənginliyimiz əbəs deyil. Bu sözü deyən adam dünyanın imtahan meydanı olduğundan xəbərsizdir. Allah birini yoxsulluqla sınağa çəkir, başqasını var-dövlətlə. Bəzən bir insanı ayrı-ayrı vaxtlarda bu ikisi ilə sınağa çəkir. İnsan yoxsul olarkən əmanətə qarşı sədaqət nümayiş etdirirmi? Mətinlik nümayiş etdirib şükür edirmi? Habelə, varlı olduğu vaxt ixtiyarında olanlardan Allah yolunda xərcləyirmi? Əslində, obyektiv sistem Allahın bütün nemətlərini insanların ixtiyarına verməsini, kamilləşmələri üçün etdikləri əməllərdə onları azad buraxmasını, eyni zamanda onların hər bir insanı bir tərəfə sövq edən instinktlərlə təmin etməsini tələb edir. Subyektiv sistem isə instinktlərin cilovlanması, özünütəmizləmə, fədakarlıq, güzəşt, Allah yolunda xərcləmə, Allahın xəlifəsi məqamına çatma bacarığı və sair ilə özünütərbiyə qanunlarının təyin edilməsini tələb edir. İnsan Allahın xəlifəsi olmaq bacarığı ilə bu məqama çata bilər, zəkat vasitəsilə özünü islah edə, xərcləməklə paxıllığı qəlbindən silib ata, insan həyatında minlərlə fəsadın mənşəyi olan sinfi fasilələri aradan qaldıra bilər. Təsəvvür edin, bir nəfər deyir ki, bizim təhsil almağımıza və dərs deməyimizə nə lüzum var? Əgər Allah istəsəydi, bizim hamımıza elm verərdi və kiminsə təhsil almağa ehtiyacı qalmazdı. Hansı ağıllı bu məntiqi qəbul edər?[10] 49-53. Qiyamətin dəhşətli səsləri: 49-cu ayədə “səs” deyilərkən birinci surun ilk dəfə üfürülməsi nəzərdə tutulur. Bu üfürülmə zamanı hər kəsi bir anın içində olduğu yerdə və olduğu vəziyyətdə canından edən, döyüş və mübarizələr səhnəsinə çevrilmiş maddi çəkişmələrlə dolu həyatlarına son qoyan böyük səmavi səs ucalacaq. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “İki nəfər parçalarını (süfrələrini) açacaq. Onu yığışdırmazdan əvvəl Qiyamət qopacaq. Bir nəfər tikəsini ağzına tərəf aparacaq, onu ağzına qoymazdan əvvəl Qiyamət qopacaq. Bir nəfər heyvanlarını suvarmaq üçün qabını doldurub onları suvarmazdan əvvəl Qiyamət qopacaq.” 51-ci ayədə ikinci sura işarə edilmişdir. İkinci sur üfürüləndə ölülər dirilib qəbirlərindən qalxacaqlar, çürümüş sümüklər və torpaqlar Allahın əmri ilə həyata qayıdacaq, ölülər qəbirlərindən dirilib qalxacaq, mühakimə olunmaq və hesabat vermək üçü nməhkəmədə hazır olacaqlar. Bir səslə öldükləri kimi, bir səslə də dirilib həyata qayıdacaqlar. Deməli, insanların ölməsi üçün uzun zamana lüzum olmadığı kimi, ölülərin dirilməsi və Allahın ədalət məhkəməsində iştirak etməsi üçün də uzun zamana ehtiyac yoxdur. Birinci səs ölüm əmri, ikinci səs həyata qayıdış və Allahın ədalət məhkəməsində iştirak əmridir.[11]   Cənnət əhli həmin gün nemətlər içində şad-xürrəm olacaq. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Onlar üçün Cənnətdə çox dadlı meyvələr və istədikləri hər şey vardır. Rəhmli Rəbb tərəfindən onlara salam deyiləcək. “Bu gün ayrılın, ey günahkarlar! Ey Adəm övladları! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin? O, sizin açıq-aydın düşməninizdir, Mənə ibadət edin! Doğru yol budur! Çoxunuzu yoldan çıxarmışdır. Məgər düşünmürdünüz? Bu sizə vəd edilmiş Cəhənnəmdir. Bu gün oraya daxil olun və kafir olduğunuza görə orada yanın!” Bu gün onların ağızlarına möhür vurarıq, əlləri Bizimlə danışar, ayaqları etdikləri əməllər üçün şahidlik edər. Əgər istəsək, gözlərini kor edərik, sonra onlar yoldan keçmək üçün bir-birini qabaqlamağa çalışarlar. Amma necə görə bilərlər? Əgər istəsək, onları yerlərindəcə başqa bir şəklə salarıq, nə irəli gedə, nə də geri qayıda bilərlər. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər düşünmürlər? Biz ona (Mühəmmədə) şeir öyrətmədik, bu, ona heç yaraşmaz. Bu, ancaq xatırlatma və aydınlıq gətirən Qurandır ki, diri olanları qorxutsun və əzab əmri kafirlər üçün gerçəkləşsin. —————————————————————————————– Cənnət sakinlərinin ən böyük neməti: Cənnətliklər Cənnətə daxil olan kimi Allah salamı ilə qarşılaşırlar. Əli ibn İbrahim bu ayəni təfsir edərkən belə yazmışdır: “Salam deyilərkən əmin-amanlıq nəzərdə tutulur.” Həqiqi möminlərə Allah tərəfindən əmin-amanlıq bəxş ediləcək. Onlar daim əmin-amanlıq içində olacaqlar. Allah Cənnətə daxil olan saleh bəndəsinə “salam” və “xoş gəldin” deyəcək, bundan sonra bəndələri Onun əmin-amanlıq evində əbədi qalacaqlar.[12] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Cənnət sakinləri Cənnət nemətləri içində qərq olduqları vaxt başları üzərində bir nur aşkar olacaq; Allahın lütfkarlıq nuru onlara işıq saçacaq. Bu vaxt “salam olsun sizə, ey Cənnət sakinləri!” – deyə bir nida ucalacaq. Bu Allah-taalanın Quranda “Rəhmli Rəbb tərəfindən onlara salam deyiləcək”, – deyə buyurduğu ayədir. Allahın lütf və mərhəməti onları elə cəzb edəcək ki, Allahdan başqa hər şeyi unudacaqlar, bütün Cənnət nemətlərini yaddan çıxaracaqlar, mələklər isə onlara hər tərəfdən salam deyəcəklər.”[13] 60-61. Allaha itaət əhd-peymanı: “Şeytana ibadət” deyilərkən onun vəsvəsə və göstərişlərinə tabe olmaq nəzərdə tutulur. Allah və Allahın icazə verdikləri istisna olmaqla, heç kəs itaətə layiq deyil. İmam Baqir (ə) belə buyurmuşdur: “Danışanın sözünə qulaq asan şəxs ona itaət etmiş olur. Əgər danışan Allah tərəfindən danışarsa, dinləyici Allaha, əgər danışan İblis tərəfindən danışarsa, dinləyici İblisə itaət etmişdir.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Allaha qarşı üsyanda kiməsə itaət göstərən şəxs həmin şəxsə itaət etmişdir.” “Allahın Adəm övladlarından əhd alması” deyilərkən peyğəmbərinin dilindən bəndələrinə İblisə itaət göstərməmələri ilə bağlı göndərdiyi ismarış nəzərdə tutulur. Buna aşağıdakı ayələri misal göstərə bilərik: “Ey Adəm övladları, Şeytan ata və ananızı Cənnətdən çıxardığı kimi, sizi də aldatmasın…” (Əraf-27); “Şeytan sizi Allah yolundan saxlamasın, o, sizin aşkar düşməninizdir.” (Zuxruf-62). Allah-taala Şeytana itaətin qadağan edilməsinin səbəbini belə izah etmişdir: “O, sizin aşkar düşməninizdir” Quran ayələri və hədislərdə bu düşmənçilik haqqında çox məlumat verilmişdir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Elə isə, ey Allahın bəndələri! Allahın düşmənindən qorxun. Məbada Şeytan sizi öz xəstəliyinə yoluxdusun, öz çağırışı ilə sizin yerinizdən oynatsın, atlılarını və piyadalarını başınıza töksün. And olsun öz canıma, o, təhdid oxunu kamana qoyub, kamanını tarıma çəkib. Yaxın yerdən sizə ox yağır. Çünki o, “ey Rəbbim, Sən məni azdırdığın üçün mən maddi nemətləri yer üzündə onlara gözəl göstərib, ilxaslı bəndələr istisna olmaqla, hamısını haqq yoldan azdıracağam”, – deyə söz vermişdir.”[14] İxtiyar dövrü və ya xilqətin tərsinə çevrilməsi: Bu ayədə “çevrilmə” deyilərkən insanın tamamilə uşaqlıq dövrünə qayıdışı nəzərdə tutulur. Doğrusu, çətinlikləri çox çətin təsvir edilə biləcək ağrılı-acılı günlər yetişir. Allah-taala “Həcc” surəsinin 5-ci ayəsində belə buyurmuşdur: “Bəziləri həyatlarının ən pis mərhələsinə, ixtiyar dövrünə çatacaq qədər ömür edir, bildiyi şeyləri unudur.” Bəzi hədislərdə 72, bəzilərində isə 90 yaşlı insanlar Allahın yer üzündəki əsirləri adlandırılmışdır. Hər halda “məgər düşünmürlər?” cümləsi insanlara “sizə verilən bu qədər güc və qüdrət bir əmanət olmasaydı, belə asanlıqla sizdən alınmazdı. Bilin ki, başınız üzərində bir qüdrət əli var. Gənclik və təravətli dövrlərinizin qədrini bilin ki, zəif və yaşlı olduğunuz vaxtda əlinizdən heç nə gəlməyəcək”, – deyə bir xəbərdarlığı ehtiva edir. Peyğəmbər (s) belə buyurmuşdur: “Beş şeyi beş şeydən qabaq qənimət bil – qocalmazdan qabaq gəncliyi, xəstələnməzdən qabaq sağlamlığı, yoxsulluqdan qabaq zənginliyi, çətinlikdən qabaq asudəliyi, ölməzdən qabaq həyatı.”[15]   Məgər sahib olduqları heyvanları onlar üçün öz qüdrətimizlə yaratdığımızı görmürlərmi? Heyvanları onlara ram etdik, həm onlardan minik kimi faydalanır, həm də qidalanırlar. Bunlarda onlar üçün başqa mənfəətlər və dadlı içkilər vardır. Yenə də şükür etmirlərmi? Müşriklər yardım edəcəklərinə ümid edərək özlərinə Allahdan başqa məbudlar seçdilər. Amma məbudları onlara heç bir kömək edə bilməzlər. Onlar (məbudları) bunlar üçün Cəhənnəm oduna çağırılmış bir qoşun olacaq. Onların sözləri səni kədərləndirməsin. Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik. Məgər insan Bizim onu dəyərsiz bir nütfədən yaratdığımızı bilmirmi? O indi (güc, qüdrət, şüur və nitq sahibi olduqdan sonra Bizimlə) açıq-aşkar mübahisəyə qalxır. O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unudaraq dedi: “Çürüdükləri halda bu sümükləri kim dirildər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir yaradılmışa yaxşı bələddir. O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”. Göyləri və yeri yaradan onların (torpağa çevrilmiş insanların) eynisini yarada bilməzmi?! Şübhəsiz ki, O, bilici yaradandır. Onun əmri belədir, bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar. Əlində hər şeyin hökmü və mülkiyyəti olan Allah pak və müqəddəsdir. Sizi Ona doğru qaytaracaqlar. —————————————————————————————– Çürümüş sümüklər: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə deyilir: “Übeyy ibn Xələf adlı bir şəxs Peyğəmbərin (s) yanına gedir, yerdən çürümüş bir sümük çıxarıb əzərək deyir: “Biz çürüyüb dağılmış sümüklər olduqdan sonra yenidən yaradılıb qaldırılacağıq?” Allah-taala bu ayəni nazil edir: “…Bu sümükləri kim dirildər?”[16] Bu ayə ətrafında araşdırma aparıldığı zaman görürük ki, məad sual verən şəxsə iki cəhətdən qeyri-mümkün görünmüşdür: 1. Çürüdükdən sonra sümüklərin yenidən həyata qayıtması qeyri-mümkündür; 2. Başqa varlıqların bədən üzvləri ilə qarışmış insan bədəninin üzvlərini ayırd etmək mümkün deyil. Allah-taala birinci etiraza cavab vermək üçün insanın ilk yaradılışını misal çəkir. Bununla da başa salmaq istəyir ki, ölüləri diriltmək onları ilk yaratmaq kimidir. Onu qeyri-mümkün hesab etmək yersizdir. İkinci şübhəyə cavab vermək üçün sonsuz elm sahibi olduğunu xatırladır.[17] Enerjilərin dirilməsi: Təfsirçilər hesab edirlər ki, burada badam və qırmızı söyüd ağacına işarə edilmişdir. Bu iki ağac bir-birinə sürtüldükdə alışır. Keçmişdə insanlar ocaq qalamaq üçün bu iki ağacın hərəsindən bir parça götürüb, qırmızı söyüdü altda, badam ağacını isə üstə qoyar və onları bir-birinə sürtərmişlər. Yaş olmalarına baxmayaraq, ağaclar Allahın izni ilə odlanarmış. Ölünü diriltmək isə heç də yaş ağacı alışdırmaqdan təəccüblü deyil. Çünki su ilə od bir-birinə zidd şeylərdir.[18] Bu təfsirlə yanaşı daha dəqiq bir təfsir də mövcuddur. Belə ki, bitkilərin ən böyük funksiyalarından biri havadakı karbonu udub selluloz hazırlamaqdır. Bitki hüceyrələrinin bu sellülozu havadakı karbon qazını alıb parçalayır, oksigeni buraxır, karbonu özlərində saxlayır. Daha sonra onu su ilə birləşdirib gövdə və budaqların əsas hissəsinə çevirir. Diqqət çəkən məqam ondan ibarətdir ki, cisimləşən hər bir kimyəvi tərkib ya əsas enerjinin cəzb edilməsi, ya da onun azad edilməsi ilə birlikdə olmalıdır. Deməli, bu qanuna əsasən ağaclar karbonu alarkən, günəş işığı və istiliyinin yaydığı enerjiyə ehtiyacları var. Bu qayda ilə, ağacların gövdə və budaqlarının yaranışı zamanı günəş enerjisinin bir miqdarı onlarda qalır. Budaqları yandırarkən həmin enerjilər azad olur, karbon havadakı oksigenlə birləşərək karbon qazını təşkil edir, oksigen və hidrogen (H2O-su) azad olur. Buna görə də günəş enerjisi Yer kürəsində olan bütün enerjilərin mənbəyi hesab edilir. Burada biz enerjilərin bərpasının şahidi oluruq. Belə ki, fəzaya yayılmış, ağacların yarpaqlarını, gövdə və budaqlarını təşkil edən işıq və hərarət əsla məhv olmayıb və olmur, formasını dəyişir, biz insanların gözlə görə bilmədiyi bir şəkildə ağacların gövdəsi, budaqları və yarpaqlarında toplanır, od şöləsi bir parça oduna toxunduqda həmin toplanmış enerjilər bərpa olur, ağacların ayır-ayrı hissələrində toplanmış enerji həmin an aşkara çıxır, bir şam işığı qədər işartı da ondan azalmır.[19] Allahın istəyi – əşyaların varlığı: Təbii ki, “Allahın əmri” deyilərkən bu ayədə sözlü ifadə nəzərdə tutulmur. Habelə “ol” sözü də Allahın sözlə ifadə etdiyi bir kəlmə deyil. Çünki Onun sözlü ifadəyə ehtiyacı yoxdur. Əslində, burada Allahın yaratmaq və icad etmək istəyi nəzərdə tutulmuşdur. “Ol” sözündən istifadə isə onun çox qısa olması ilə yanaşı çox geniş məna ifadə etməsi ilə bağlıdır. Allahın nəyisə istəməsi artıq həmin şeyin yaranması deməkdir. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Nəyisə istədikdə “ol!” deyir və həmin şey də dərhal olur. Bu demək qulaq vasitəsilə eşidilə biləcək şəkildə deyil. Əslində, pak və uca Allahın sözü yaratdığı işin özüdür.”[20] [1] Nümunə, c.18, səh.309 [2] Nümunə, c.18, səh.320 [3] Nümunə, c.18, səh.332 [4] Əl-Mizan, c.17, səh.71 [5] Nümunə, c.18, səh.340; Əl-Mizan, c.17, səh.82 [6] Nümunə, c.18, səh.377 [7] Nümunə, c.18, səh.383 [8] Nümunə, c.18, səh.399 [9] Əl-Mizan, c.17, səh.97 [10] Nümunə, c.18, səh.401 [11] Nümunə, c.18, səh.406; Əl-Mizan, c.17, səh.98 [12] Təfsiri-mövzui, c.5, səh.324 [13] Nümunə, c.18, səh.419 [14] Əl-Mizan, c.17, səh.102; Nümunə, c.18, səh.422 [15] Nümunə, c.18, səh.435 [16] Əl-Mizan, c.17, səh.118 [17] Mənşuri-cavid,c.9, səh.67 [18] Əl-Mizan, c.17, səh.113 [19] Nümunə, c.18, səh.463 [20] Nümunə, c.18, səh.471

QURANI KƏRIM 13.02.2025

“Fatir” surəsi

“Fatir” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Həmd göyləri və yeri yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allah üçündür. O, yaratdıqlarından istədiyini artırır. O, hər şeyə qadirdir. Allah insanların üzünə hansı rəhməti açsa, heç kəs onun qarşısını ala bilməz. Nəyi də saxlasa, Ondan başqa heç kəs onu göndərə bilməz. O, yenilməz qüdrət və hikmət sahibidir. Ey insanlar! Allahın sizə verdiyi neməti xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliqmi var? Ondan başqa heç bir məbud yoxdur. Bununla belə, batilə doğru necə azırsınız? ————————————————————————————— “Fatir” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu beş bölmədə ümumiləşdirmək olar: 1. Kainatda Allahın əzəmətini göstərən nişanələr və tövhidə aid dəlillər; 2. Allahın yaratmaq və idarə etmək xüsusiyyəti. İnsanın torpaqdan yaranması və təkamül mərhələləri; 3. Qayıdış və əməllərin axirət nəticələri. Allahın bu dünyanı bürüyən geniş rəhməti. Onun özünü üstün tutanlarla bağlı dəyişməz qanunu; 4. Peyğəmbərlərin rəhbərliyi, onların inadkar düşmənlə davamlı mübarizəsi. Bu işdə Peyğəmbərə (s) təskinlik verilməsi; 5. Müxtəlif istiqamətlərdən keçmiş mövzuları təkmilləşdirən öyüd və nəsihətlər.[1] Quranda mələklər: Quranın çox ayələrində mələklərin xüsusiyyət, əlamət və vəzifələrindən danışılıb. “Bəqərə” surəsinin 285-ci ayəsində mələklərə inam Allah, peyğəmbərlər və səmavi kitablara iman sırasında qərarlaşdırılmışdır. Bu da sözügedən mövzunun çox mühüm əhəmiyyət daşıdığından xəbər verir. Şübhəsiz ki, mələklərin mövcudluğu qeybə aid məsələlərdəndir. Onların mövcudluğunun yeganə sübut yolu nəqli dəlillərdir. Qeybə iman prinsipinə əsasən onları qəbul etmək şərtdir. Quranda mələklərin xüsusiyyətləri belə qeyd edilir: 1. Onlar şüurlu varlıqlar və Allahın hörmətli bəndələridirlər (Ənbiya-26); 2. Onlar Allahın əmrinə tabedirlər, əsla günah etməzlər (Ənbiya-27); 3. Onlar Allahın əmri ilə mühüm vəzifələri icra edir, ayrı-ayrı işlər görürlər. Onların bir dəstəsi ərşi daşıyır (Haqqə-17), bir dəstəsi işləri nizama salır (Naziat-5), bir dəstəsi canları almağa məmurdur (Əraf-37), bir dəstəsi insanların əməllərini gözətləyir (İnfitar-10-13), bir dəstəsi insanı təhlükələrdən və xoşagəlməz hadisələrdən qoruyur (Ənam-61), bir dəstəsi üsyankar xalqları cəzalandırmaq və onlara əzab gətirmək vəzifəsi daşıyır (Hud-77), bir dəstəsi müharibələrdə möminlərə yardım göstərir (Əhzab-9), bir dəstəsi vəhy və səmavi kitabları peyğəmbərlərə çatdırır (Nəhl-2); 4. Onlar davamlı olaraq Allaha həmd və təriflər deyirlər (Şura-5); 5. Bununla belə insan kamilləşmə potensialına malik olduğu üçün onlardan üstündür. Məhz bu cəhətdən bütün mələklər heç bir istisnasız onun qarşısında səcdəyə qapanmışlar (Bəqərə-30-34); 6. Onlar bəzən insan surətinə düşür, peyğəmbərlərin, hətta Məryəm (ə) kimi peyğəmbər olmayanların da gözünə görünürlər (Məryəm-17, Hud-69, 77, 78); 7. Hədislərdə qeyd olunur ki, onların sayı insanların sayı ilə müqayisəyə gəlməyəcək qədər çoxdur. İmam Sadiq (ə) buyurmuşdur: “And olsun canım əlində olan Allaha! Göylərdə mələklərin sayı yerdəki torpaq zərrələrinin sayından çoxdur. Göydə ayaq qoymağa elə bir yer yoxdur ki, orada mələklər Allaha həmd və tərif deməsinlər”; 8. Onlar yemək yemir, su içmir və evlənmirlər; 9. Onlar yatmırlar, zəifləmirlər, qafil olmurlar; 10. Onların bəlli məqamları var. Burada ortaya belə bir sual çıxır: Qeyd olunan bu xüsusiyyətlərlə onlar maddi, yoxsa qeyri-maddi varlıqlardır? Şübhəsiz ki, bu xüsusiyyətlərlə onlar maddi varlıq ola bilməzlər. Ancaq bizim bildiyimiz maddələrin fövqündə olan incə və lətif maddələrdən yaradıldıqlarını da söyləmək olar.[2] Bu ayədə diqqət çəkən başqa bir nüans mələklərin qanadlarının olmasıdır. Təbii ki, qanad quşların uçmaq, yerdən göyə qalxmaq, göydən yerə enmək, bir yerdən başqa bir yerə hərəkət etmək üçün istifadə etdiyi bir vasitədir. Quranda bu həqiqətə işarə edilir və bildirilir ki, qanadlı quşlar kimi onlar da elə vasitələrə malikdirlər ki, Allahın əmri ilə göydən yerə enir, yerdən göyə ucalır, bir yerdən başqa bir yerə hərəkət edirlər. Əlbəttə, bu vasitənin necəliyi bizə məlum deyil.[3]   Əgər onlar səni yalançı hesab etsələr, (kədərlənmə,) səndən əvvəlki peyğəmbərlər də yalançı hesab olunmuşdu. Bütün işlər Allaha qaytarılacaqdır. Ey insanlar! Allahın vədi haqdır. Məbadə bu dünya sizi aldatsın. Məbada Şeytan sizi tovlayıb Allahla (Allahın kərəmi ilə) qürrələndirsin. Şübhəsiz ki, Şeytan sizin düşməninizdir. Elə isə onu düşmən sayın. O, yalnız öz tərəfdarlarını od sakini olmağa çağırır. Küfr yolunu tutanlar üçün şiddətli əzab var. İman gətirib yaxşı işlər görənlərə gəldikdə, bağışlanma və böyük mükafat onlara məxsusdur. Pis əməli özünə gözəl göstərilib onu yaxşı və gözəl görənlə (həqiqəti olduğu kimi görən kimsə eyni ola bilərmi?) Allah istədiyini haqq yoldan azdırır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə təəssüflənib özünü əldən salma. Allah onların nə etdiklərini bilir. Buludları hərəkətə gətirmək üçün küləkləri göndərən Allahdır. Sonra Biz bu buludları ölü yerə tərəf qovduq və onun vasitəsilə yeri ölümündən sonra dirildirik. Ölülərin Qiyamətdə dirildilməsi də belə olacaqdır. Kim qüdrət (sahibi olmaq) istəsə, (bilsin ki,) qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Pak sözlər Ona tərəf yüksəlir və saleh əməli ucaldır. Pis və məkirli planlar hazırlayanları şiddətli bir əzab gözləyir. Onların məkrləri puça çıxacaqdır. Allah sizi torpaqdan, sonra nütfədən yaratmış, sonra da sizi cütləşdirmişdir. Onun xəbəri olmadan heç bir dişi nə hamilə olar, nə də daşıdığını yerə qoya bilər. Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da kitabda yazılmışdır. Bunlar hamısı Allah üçün asandır. ———————————————————————————— Məbadə Şeytan sizə hiylə gəlib Allahla aldatsın: Şeytan insanların diqqətini bir tərəfdən Allahın həlim və mehriban olmasına, digər tərəfdən isə günahkar və kafirlərə bəxş etdiyi nemətlərə yönəldir. Bir tərəfdən Allahın bağışlayan və əzaba tələsməyən bir varlıq olduğunu, digər tərəfdən isə dünyapərəstlərin Allahın əzabına tuş gəlmədiklərini, nə qədər dünya axtarırlarsa, nə qədər Allahı unudurlarsa, günah bataqlığına batırlarsa, həyatlarının daha da yaxşı olmasını, daha rahat yaşamalarını, insanlar arasında daha hörmətli olduqlarını təlqin edir. Bu şəkildə Şeytan öz vəsəvəsələrindən nəticə alır, insanlara dünya həyatını inkişaf etdirməkdən başqa heç bir dəyər və hörmətin olmadığını, maddi həyatın fövqündə heç bir həyatın durmadığını, dində haqqında danışılan vəd, vəd verən, Qiyamət, sorğu-sual, Cənnət və Cəhənnəmin xurafat olduğunu təlqin edir, nəticədə, insana qəflət və zülm sayəsində məruz qalacağı aqibəti unutdurur.[4] Haqq yoldan sapmışların bədbəxtliklərinin səbəbi: Bu ayədə haqq yoldan sapmış inadkar xalqların bütün bədbəxtliklərinin ən mühüm əlaməti qeyd edilmişdir. O da budur ki, onların çirkin əməlləri nəfsi istək və qara qəlbləri ilə əlbir olduğu üçün onlara gözəl görünür. Təbii ki, belə bir şəxs nəsihət qəbul etməz, tənqid dinləmək istəməz, yolundan dönməz, əməllərini təhlil etməz, gördüyü işlərin nəticəsindən qorxusu olmaz. Bəs görəsən günahkarların çirkin əməllərini onların gözündə gözəl göstərən kimdir; Şeytan, nəfs, yoxsa Allah? Şübhəsiz ki, əsl amil nəfs və Şeytandır. Lakin Allah-taala pis işlərdə nəticə və təsir gücü qoyduğu üçün onu Allaha da aid etmək olar. İnsanlar günaha batdıqları vaxt ilk başlanğıcda fitrətləri pak, vicdanları oyaq və ağılları həqiqəti görən olduğu üçün tutduqları işdən narahat olurlar. Lakin gördükləri əməllər təkrarlandıqca narahatlqıları azalır, nəhayət laqeydlik həddinə çatırlar, təkrarlar artıqca çirkinliklər gözlərində gözəl görünməyə başlayır. Hətta iş o yerə çatır ki, həmin çirkin davranışları fəxr və üstünlük hesab edirlər. Halbuki, bədbəxtlik girdabında batırlar.[5] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bir gün Şeytan həzrət Musa (ə) ilə qarşılaşır. Söhbət əsnasında həzrət Musa (ə) ondan soruşur: “Mənə elə bir günah de ki, insan onu törətdikdə sən ona hakim kəsilirsən?” Şeytan deyir: “İnsanın özünün özündən xoşu gəldiyi, gördüyü işləri çox hesab etdiyi, günahları gözündə kiçildiyi vaxt (ona hakim kəsilirəm).”[6] Pak söz: Ayənin ərəbcə orijinalındakı “əl-kəlimut-təyyib” ifadəsinin mənası “pak sözlər”dir. “Pak sözlər” deyilərkən sözün ifadə etdiyi məzmunun paklığı nəzərdə tutulur. Məzmun paklığı isə pak və parlaq reallığı ehtiva edən obyektiv reallıqlara əsaslanır. Allahın pak zatından, Onun haqq dini və ədalətindən, bu dinin yayılmasında rol oynamış təmiz insanlardan daha üstün paklıq ola bilərmi?! Buna görə də pak söz yaradılış və məada düzgün inanc və Allahın haqq dini kimi izah edilir. Allaha doğru yalnız belə bir inanc yüksələ, sahibini də özü ilə qaldıra və Allaha yaxın edə bilər. Bəzi təfsirçilər “pak” sözünü “la ilahə illəllah”, Əhli-beytin (ə) rəhbərliyi və sair kimi yozmuş, bu ifadənin izahı ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Ümumiyyətlə, bu ayə pak və yüksək məzmuna malik olan istənilən sözə şamil olur.[7]   İki dəniz eyni deyildir. Birinin suyu dadlı, şirin və içilməsi ləzzətli, digərininki isə həddindən artıq duzlu, acı və nəfəs kəsəndir. Hər ikisindən təzə ət yeyir, bəzək əşyaları çıxarıb taxırsınız. Allahın nemətlərindən bəhrələnməyiniz üçün sən onda gəmilərin suları yardığını görürsən. Bəlkə Ona şükür edəsiniz. O, gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. O, günəşi və ayı ram etmişdir. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. Bu sizin Rəbbiniz olan Allahdır. Hökmranlıq Ona məxsusdur. Sizin Ondan başqa çağırdıqlarınız xurma çəyirdəyinin nazik pərdəsi qədər ( olsun belə heç nəyə) malik deyildirlər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Qiyamət günü sizin şirkinizi (və onlara ibadət etdiyinizi) danacaqlar. Heç kəs xəbərdar olan (Allah) kimi səni xəbərdar edə bilməz. Ey insanlar! Siz Allaha möhtacsınız. Ehtiyacsız, həmd və sitayişə layiq olan təkcə Odur. Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. Heç bir günahkar başqasının günah yükünü çiyinləri üzərinə almaz. Yükü ağır olan kimsə günahını daşımaq üçün başqasını çağırsa və çağırdığı kimsə hətta yaxın qohumlarından olsa belə, çiyinləri üzərinə o yükdən heç nə almaz. Sən ancaq öz Rəblərindən gizlində qorxanları və namaz qılanları qorxudursan. Kim təmizlənirsə, nəticəsi özünə qayıdır. (Hər kəsin) qayıdışı Allahadır. ————————————————————————————– Ayələrdən sui-istifadələr: Bir qrup vəhhabi müsəlmanların şəfaət və təvəssül vasitəsilə Peyğəmbər (s) və böyük öndərlərlə olan əlaqəsini inkar etmək üçün bu və bənzər ayələrdən istifadə edərək belə iddia edirlər: Qurana görə “Allahdan başqa çağırdıqlarınız sizi eşitməz, əgər eşitsələr də, cavab verməzlər”. Bu şəkildə peyğəmbər və imamların ruhlarının vasitəçi olmasını inkar edir, onun tövhid inancına zidd olduğunu düşünürlər. Halbuki bundan əvvəlki və sonrakı ayələrdə bütlərdən, Allaha şərik qoşulan, qüdrət sahibləri olduğu düşünülən daş və taxtadan danışılır. Peyğəmbər və övliyanın Quranın açıq şəkildə diri olduqlarını bəyan etdiyi şəhidlər kimi Bərzəx həyatına malik olmadıqlarını bilməyən varmı? Onu da bilirik ki, maddi örtüklərdən və dünya asılılıqlarından xilas olduğu üçün Bərzəx həyatında olan ruhun fəaliyyəti daha geniş olur. Digər tərəfdən, bu pak ruhların vasitəçi təyin edilməsi Allahla yanaşı onların da müstəqil qüdrət sahibi kimi qəbul edilməsi mənasında başa düşülməməlidir. Əslində, məqsəd Allah dərgahında onların abırlarından mədət ummaq, Allah yanında olan hörmət və böyüklüklərindən istifadə etməkdir. Bu isə tövhid və Allaha bəndəlikdən ayrı bir şey deyil. Allah Quranda şəfaətçilərin şəfaətini öz icazəsi ilə şərtləndirdiyi üçün vasitəçiliyin heç bir problemi yoxdur. Belə ki, tarixi mənbələrdə səhabələrin çətinliklər zamanı Peyğəmbərin (s) qəbrinin kənarına getməsi, onu özlərinə vasitəçi təyin etməsi, Allah dərgahında onun pak ruhundan yardım diləməsi qeyd edilib.[8] Bizim varlığımız səndəndir, Sən isə Öz zatınla varsan: Bu ayə çox mühüm və qiymətli bir məsələyə toxunur və bu dünyada bizim Allah qarşısındakı mövqeyimizə aydınlıq gətirir. Bütün kainatda sözün əsl mənasında ehtiyacsız olan, Öz zatı ilə var olan bir varlıq var və O, Allahdır. Bütün insanlar, ümumiyyətlə, bütün mövcudat Ona möhtacdır, O müstəqil varlıqdan asılıdır. Əgər onların Onunla olan əlaqələri bir an kəsilsə, tamamilə yox olararlar. O, mütləq ehtiyacsız olduğu kimi, insanlar da mütləq möhtacdırlar. O, Öz zatı ilə var olduğu kimi, bütün yaranmışlar da Onun zatı ilə mövcuddurlar. Bəs belə olan halda, Onun bizim ibadətimizə nə ehtiyacı var? Ona ibadət və itaət edərək kamilləşən, O sonsuz başlanğıca bəndəlik sayəsində anbaan Ona daha da yaxınlaşan, zat və sifətlərinin nurundan faydalanan bizik. Hamımız başqasına deyil, yalnız Ona möhtacıq, buna görə də Ondan qeyrisinin kandarına təzim və təslim niyyəti ilə baş qoymamalı, ehtiyaclarımızın aradan qaldırılmasını Ondan qeyrisindən istəməməliyik. Çünki onlar da bizim kimi möhtacdırlar. Peyğəmbər və imamlar (ə) da məhz Onun göndərdikləri və Onun nümayəndələri olduqları üçün yüksək tutulurlar. Onların heç bir müstəqillik və istiqlaliyyəti yoxdur. O həm ehtiyacsızdır, həm də tərifəlayiq. Yəni ehtiyacsız olduğu halda, elə bağışlayan və mehribandır ki, istənilən həmdə və təşəkkürə layiqdir. Bağışlayan və bəndəsini sevən olduğu halda, ehtiyacsızdır. Bu həqiqətə diqqət mömin insanlara iki şəkildə müsbət təsir göstərir; onları təkəbbür, xudpəsəndlik, üsyan mərtəbəsindən endirir, özlərini üstün tutmaları üçün özlərindən heç nələri olmadığını, malik olduqlarının hamısının Allahın onlara verdiyi əmanətlər olduğunu onlara dərk etdirir, Ondan qeyrisinin dərgahına əl açmamaq, Allahdan qeyrisinin bəndəlik buxovunu boyunlarına keçirməmək yolunu göstərir. Möminlər bu baxış və dünyagörüşü ilə dünyada nə görürlərsə, Allahın varlığının sayəsində olduğunu dərk edirlər. Səbəblər aləmi onlara “səbəblər səbəbi”ni (əsl səbəbi) əsla unutdurmur.[9] Kor ilə görən əsla eyni deyildir, zülmətlərlə işıq da, kölgə ilə yandırıcı külək də (eyni deyildir). Ölülərlə dirilər də eyni deyildirlər. Allah Öz əmrini istədiyinin qulağına çatdırır. Sən isə öz sözünü qəbirdə yatanlara eşitdirə bilməzsən. Sən yalnız qorxudansan. Biz səni haqq olaraq müjdə vermək və qorxutmaq üçün göndərdik. Keçmişdə hər bir ümmətin bir qorxudanı olmuşdur. Əgər onlar səni yalançı hesab etsələr, (təəccüblü deyil,) onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) yalançı hesab etmişdilər. Halbuki elçiləri onlara aydın dəlillər, öyüd-nəsihət kitabları və aydınlıq gətirən kitab gətirmişdilər. Sonra Mən kafirləri yaxaladım. Mənim onlara verdiyim əzab necə oldu? Məgər Allahın göydən su endirdiyini və onunla rəngarəng meyvələr yetişdirdiyimizi, dağlarda da müxtəlif rəngli – ağ, qırmızı və tünd qara cığırlar açdığımızı görmürsən? İnsanlar, canlılar və heyvanlar arasında da bu cür müxtəlif rəngli olanları vardır. Həqiqət belədir. Bəndələri arasında Allahdan yalnız alimlər qorxar. Allah qüdrətlidir, bağışlayandır. Allahın kitabını oxuyanlar, namaz qılanlar və verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər ziyansız və tükənməz bir ticarətə ümid edirlər. (Onlar bu saleh əməlləri ona görə edirlər ki, Allah) onlara kamil haqq və mükafat versin, lütfünü onlar üçün artırsın. O, bağışlayandır, qədirbiləndir. ————————————————————————————- 19-23. İman və küfrün təsirləri: Quranda insanları bir-birindən ayıran coğrafi, irqi, sinfi və bu kimi sərhədlərin mühüm əhəmiyyət daşımadığı qeyd edilir. Quran nöqteyi-nəzərindən yeganə sərhəd iman və küfr sərhədi hesab edilməlidir. Yəni bütün insan cəmiyyətini mömin və kafir olmaq üzrə iki qrupa bölmək olar. Quranın ayrı-ayrı yerlərində dəfələrlə iman nura, küfr isə qaranlığa bənzədilmişdir. Bu, Quranın küfr və iman üçün təqdim etdiyi ən canlı bənzətmədir. İman daxili dərk və baxış formasıdır, batini inanc, hərəkət və fəaliyyətlə müşayiət olunan elm və bilikdir, insanın ruhunun dərinliklərinə nüfuz edən və konstruktiv fəaliyyətlərin mənbəyinə çevrilən bir inancdır. Küfr isə hərəkətsizliklə, məsuliyyət hissinin olmaması, şeytani və azğın hərəkətlərlə nəticələnən cəhalət, məlumatsızlıq və inamsızlıqdır. Bunu da bilirik ki, nur maddi dünyada insan, heyvan və bitki aləminin həyat, hərəkət, inkişaf və artımının mənbəyi hesab edilir. Qaranlıq və zülmət isə sükut, yuxu və sairənin səbəbi, davam edəcəyi təqdirdə ölüm və həyatın sona çatması amilidir. Buna görə də bu ayələrdə iman və küfrün bir yerdə işıq və zülmətə, başqa bir yerdə həyat və ölümə, bir yerdə rahatlıq bəxş edən kölgəyə və yandırıcı küləyə, ayrı yerdə görmə və korluğa bənzədilməsi heç də təəccüblü deyil. Bütün deyilməli olanlar bu dörd bənzətmədə bəyan edilmişdir. Mömin bir adamla ünsiyyətdə olanda bu nurun təsirini bütün varlığımızda hiss edirik; fikirləri işıq saçır, sözləri parlaqlıq gətirir, əməlləri və əxlaqı bizi gerçək həyatın həqiqəti ilə tanış edir. Ancaq kafirin bütün varlığından zülmət yağır, yalnız öz keçici və maddi mənfəətlərini düşünür, fikir üfüqü şəxsi həyat çərçivəsindən kənara çıxmır, nəfsi istəklərində batır, onunla oturan adamın qəlbini və ruhunu zülmət dalğalarına qərq edir.[10] Həqiqi alimlər: Bu ayədən belə başa düşülür ki, həqiqi alimlər üzərlərinə düşən vəzifələr qarşısında özlərini məsuliyyətli sayanlardır. Başqa sözlə desək, söz deyil, əməl adamlarıdırlar. Çünki əməlsiz elm qorxunun olmamasının bir sübutudur. Ayədə bu cür əməl sahibləri alimlər zümrəsindən hesab edilməmişlər. Bu həqiqət İmam Səccadın (ə) da bir hədisində öz əksini tapmışdır: “Elm və əməl iki səmimi dostlardır. Allahı tanıyan şəxs ondan qorxar. Bu qorxu həmin şəxsi Allahın əmrinə itaət göstərməyə və əməl etməyə vadar edər. Elm sahibləri və onların ardıcılları Allahı yaxşı tanıyan, Onun üçün əməl edən və Onu sevən şəxslərdir. Allah-taala: “Bəndələri arasında Allahdan yalnız alimlər qorxar.” – deyə buyurmuşdur”. Bu ayəni təfsir edərkən İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayədə “alimlər” deyilərkən əməlləri sözləri ilə üst-üstə düşən şəxslər nəzərdə tutulur. Sözü ilə əməli düz gəlməyn insan alim deyil.” Başqa bir hədisdə deyilir ki, sizin ən elmliniz Allahdan ən çox qorxanınızdır. Qısası, Quran məntiqi ilə alimlər beyinləri onun-bunun fikir və rəylərinin sandığı, dünyanın elmi qanun və formullarının anbarı, dilləri bu məsələlərin sözçüsü, yaşadıqları yer məktəblər, universitetlər, kitabxanalar olan şəxslər deyil. Alimlər, elm və bilik işığı bütün varlıqlarını Allah, iman və təqva nuru ilə işıqlandıran, onları vəzifələrinə qarşı məsuliyyətli edən şəxslərdir.[11]   Kitabdan sənə vəhy etdiyimiz haqdır, özündən əvvəlki kitabların təsdiqləyicisidir. Allah qullarından xəbərdardır, görəndir. Sonra bu kitabı qullarımız içərisindən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur. (Onların mükafatı) əbədi Cənnət bağlarıdır. Oraya qızıl və mirvari bilərziklərlə bəzədilmiş halda daxil olacaqlar. Oradakı libasları ipəkdəndir. Onlar deyəcəklər: “Həmd qəm-qüssəni bizdən uzaq edən Allah üçündür! Rəbbimiz bağışlayandır, qədirbiləndir. Öz lütfü ilə bizi bu (əbədi) iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir narahatlıq, nə zəiflik, nə də bir uğursuzluq üz verəcək!” Kafirləri isə Cəhənnəm odu gözləyir. Nə ölüm əmrləri verilməz ki, ölüb qurtarsınlar, nə də əzablarından bir şey yüngülləşdirilər. Biz hər bir kafiri belə cəzalandırırıq. Onlar Cəhənnəmdə fəryad qoparıb deyəcəklər: “Ey Rəbbimiz! Bizi çıxart ki, etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Cavablarında onlara deyiləcək:) “Sizə xatırlaya bilənlərin xatırlaya biləcəyi qədər ömür vermədikmi? Sizə qorxudan da gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara heç bir kömək edən olmaz”. Allah göylərin və yerin qeybini biləndir. O, kökslərdə olanları bilir. ————————————————————————————— Allahın kitabının varisləri: Ayədə “kitab” deyilərkən Quran nəzərdə tutulur. “Miras” heç bir alqı-satqı olmadan, zəhmət çəkilmədən əldə edilən mülkə deyilir. Quranın miras hesab edilməsi Allahın bu böyük kitabı müsəlmanlara heç bir çətinlikləri olmadan verməsi ilə bağlıdır. Bu ayəyə əsasən Allah-taala Peyğəmbərdən (s) sonra Quranın qorunmasını ümmətin öhdəsinə qoymuşdur. Ümmət bu işin icrasında üç qrupa bölünür: bəziləri bu kitabın qorunması və onun hökmlərinin icrasında səhlənkarlıq etmiş, nəticədə, “özlərinə zülm edənlər” adı almışlar. Bəziləri öz işlərində müəyyən yanlışlıqlara yol versələr də, vəzifələrinə çox yüksək səviyyədə əməl etmiş, nəticədə, “orta yolu tutanlar” adı almışlar. Vəzifələrinə daha yaxşı şəkildə əməl edən, yarış meydanında digərlərindən daha öndə gedən seçilmişlər isə “yaxşı işlərdə öndə gedənlər” adı almışlar.[12] Hədislərin çoxunda bu ayədə həzrət Fatimənin (ə) məsum övladlarının nəzərdə tutulduğu qeyd edilmişdir. Quranın varisləri və yaxşı işlərdə hər kəsdən öndə olan seçilmiş bəndələr məhz onlardır. Peyğəmbər (ə) də məşhur “səqəleyn” hədisində onların Quranın biliciləri olduğunu, hər zaman bu səmavi kitabla birlikdə olduqlarını buyurmuşdur. Səqəleyn (iki ağır əmanət) hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Mən sizin aranızda iki qiymətli əmanət qoyuram; Allahın kitabı və Əhli-beytim. Bu ikisi hovuzda mənim yanıma gələnə qədər bir-birindən əsla ayrılmaz.” Hədislərinin birində İmam Rzanın (ə) bu ayə haqqında belə buyurduğunu oxuyuruq: “Bu ayədə Fatimənin (ə) oğlanları nəzərdə tutulmuşdur. Yaxşı işlərdə öndə gedən imamdır, imamı tanıyan orta yolu tutan, imamı tanımayan isə özünə zülm edəndir.”[13] Narahatlıq və uğursuzluğun olmayacağı yer: Ayədə Allahın Cənnət əhlinə bəxş etdiyi və bir-birini tamamlayan iki böyük nemətinə işarə edilmişdir. Ora insanların qalacaqları yerdir. Bu yerlə tanış olub oraya bağlandıqdan sonra oradan köçmək əmri verilməyəcək, həyatları əbədiləşəcək, əzab-əziyyət hiss etməyəcəklər. Orada ümumiyyətlə, belə bir anlayış olmayacaq, hətta uzunömürlükləri də yorucu və bezdirici olmayacaq. Çünki onlara hər gün yeni nemətlər veriləcək, Allahın bəxş etdiyi nemətlərdən hər gün yeni görüntülər təqdim ediləcək.[14] Məgər sizə kifayət qədər ömür vermədik? Sizə az şey verilməyib. İxtiyarınızda yetərli qədər fürsət olub. Allah tərəfindən sizə çoxlu sayda qorxudanlar gəlmişdir. Bu iki faktor oyanmaq və nicat tapmaq üçün kifayət edirdi. Buna görə də sizin heç bir bəhanəniz ola bilməz. Əgər kifayət qədər vaxtınız olmasaydı, üzr və bəhanə etmək üçün əsasınız olardı. Əgər vaxtınız olsaydı, ancaq heç bir rəhbər və haqq yolu göstərən göndərilməsəydi, yenə üzrünüz olardı. Lakin bu ikisi olduğu halda, nəyi bəhanə edə bilərsiniz? Hədislərdə oyanış və xatırlama üçün yetərli qədər ömür verilməsi müxtəlif ifadələrlə bəyan edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Allah kiməsə altmış il ömür veribsə, üzr qapısı artıq onun üzünə bağlanmışdır.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Qiyamət günü yetişəndə carçı: “Altmış yaşlılar haradadır?” – deyə car çəkəcək. Bu Allahın “sizə xatırlaya bilənlərin xatırlaya biləcəyi qədər ömür vermədikmi?” – deyə buyurduğu həmin ömürdür.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Yetərli ömrün müddəti on səkkiz ildir.” Ola bilsin ki, sonuncu hədisdə həmin ömrün minimum həddi nəzərdə tutulmuşdur. Yəni yuxarıdakı hədisdə maksimum, burada isə minimum həddə işarə edilmişdir. Buna görə də hədislər arasında heç bir təzad yoxdur.[15]   Sizi yer üzündə xələflər edən Odur. Kafirin küfrü öz ziyanına olacaq. Kafirlərin küfrü Rəbləri yanında ancaq qəzəb artırar. Kafirlərin küfrü onlara zərər və ziyandan başqa bir şey artırmaz. De: “Mənə deyin görüm, Allahdan başqa çağırdığınız bu məbudlar yer üzündə nəyi yaradıblar? Yoxsa onların göylərdə (göylərin yaradılışı və idarə edilməsində) ortaqlıqlarımı var?” Yaxud onlara bir kitab vermişik, onlar da ondakı dəlilə istinad edirlər? Xeyr! Bunların heç biri deyil. Zalımlar bir-birinə ancaq yalan vədlər verirlər. Göylərin və yerin sıradan çıxmaması üçün Allah onları tutub saxlayır. Əgər aıradan çıxsa, onları Ondan başqa heç kəs tutub saxlaya bilməz. O, həlimdir, bağışlayandır. Onlar son dərəcə təkidlə Allaha and içdilər ki, əgər onlara çəkindirən bir peyğəmbər gəlsə, ümmətlərin ən doğru yolda olanı olacaqlar. Amma onlara peyğəmbər gəldikdə bu, onların ancaq qaçışını və nifrətini artırdı. Bunlar hamısı onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Bu hiylələr isə yalnız öz sahiblərini yaxalayar. Onlar əvvəlkilərin başına gələn aqibətdən başqa bir şeymi gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. Məgər onlar özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzündə gəzib-dolaşmadılar? Onlar ki bunlardan daha qüvvətli idilər. Nə göylərdə, nə də yerdə heç nə Allahın qüdrətindən kənara çıxa bilməyəcək O, biləndir və qadirdir. ————————————————————————————— Göylər və yer onun qüdrəti sayəsində mövcuddur: Ayədə Allahın bütün göylər və yer üzündəki hakimiyyətindən söhbət açılır. Yaradılışın ilkin başlanğıcı, varlıq aləminin qorunub saxlanması və idarə edilməsi Allahın qüdrətindən asılıdır. Ancaq iş təkcə bununla bitmir, yaradılmışlar hər an yeni-yeni yaradılışa imza atır, davamlı olaraq lütf və mərhəmət mənbəyindən bəhrələnirlər. Əgər bu böyük mənbə ilə olan əlaqələri bir an kəsilsə, məhv olarlar. Yaddan çıxarmaq olmaz ki, planetlər heç nədən sallanmadan milyon illərdir ki, öz orbitlərində azacıq sapma olmadan hərəkətdədirlər. Günəş sistemində bunun real şahidiyik. Yer kürəsi milyon, bəlkə də neçə milyard ildir ki, Günəşin ətrafında fırlanır, cazibə və dafiə qüvvəsinin balansı sayəsində dəqiq nizamla öz orbitində hərəkət edir, Allahın fərmanından çıxmır. Tarix boyu bəzi astronomların hansısa quyruqlu ulduzun və ya digər planetin yer orbitinə yaxınlaşacağını və onunla toqquşacağını dəfələlə proqnozlaşdırdıqlarının şahidi olmuşuq. Belə həssas məqamlarda insanların əlindən heç nə gəlmədiyi, hadisənin insanların imkanları xaricində olduğu, Allahdan başqa heç kəsin onun qarşısını ala bilməyəcəyi aydın olur, hər kəs ehtiyacsız Allaha üz tutur. Ancaq ehtimal edilən təhlükə sovuşduqdan sonra unutqanlıq kölgəsi insanları öz ağuşına alır.[16] Allahın qanunlarının dəyişməzliyi: Quranın ayrı-ayrı ayələrində Allahın qanunlarının dəyişməzliyindən söhbət açılır. Qeyd etməliyik ki, yaradılış və qanunvericilik aləminə Quranda Allahın bizdən asılı olan və olmayan dəyişməz qanunları adlanan, əsla dəyişməyən sabit və dəyişməz qanunlar hakimdir. Bu qanunlar varlıq aləminə keçmişdə olduğu kimi, bu gün və sabah da hakim olacaqdır[17]; insanların konstitusiya qanunları adlandırdıqları qanunlar kimi dəyişməzdir. Peyğəmbərlərə köməklik göstərilməsi və kafirlərin məğlubiyyətə uğraması, ölüm anında edilən tövbənin heç bir fayda verməməsi, Allah tərəfindən əzab nazil olması və sair bu daimi qanunlar sisteminə daxildir.[18] Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, Quranın bəzi ayələrində ilahi qanunların təkcə dəyişməzliyindən (Əhzab-62), bəzi ayələrində isə onların təkcə əvəz edilməyəcəyindən (İsra-77) söhbət açılmışdır. Ancaq bu ayədə qeyd olunan ifadələr ardıcıl işlədilmişdir. Əvəzləmə deyilərkən nəyinsə tamamilə əvəzlənməsi, götürülüb yerinə başqasının qoyulması, dəyişilmə deyilərkən isə nəyinsə kəmiyyət və keyfiyyət baxımından dəyişdirilməsi nəzərdə tutulur. Beləliklə, Allahın qanunları tamamilə əvəz edilməz, kəmiyyət, keyfiyyət, hətta zəiflik və kəskinlik baxımından da dəyişikliyə məruz qalmaz. Belə ki, Allah-taala oxşar günahlar üçün hər cəhətdən oxşar olan cəzalar nəzərdə tutmuş, bir qrupu cəzaya məhkum edib, başqa bir qrupu cəzadan azad etmir, eyni zamanda bir qrupu da yüngül cəza ilə cəzalandırmır. Bu forma sabitlik və dəyişməzlikdən qaynaqlanır, onda əvəzlənmə və dəyişilmə baş vermir.[19]   Əgər Allah insanları gördükləri işlərə görə dərhal cəzalandırsaydı, yer üzündə bir canlını belə sağ buraxmazdı. Lakin (islah olsunlar deyə,) Allah onlara müəyyən vaxtadək möhlət verir. Vaxtları çatanda isə (hər kəsə öz əməlinə görə cəza verəcəkdir). O, Öz qullarını görür (hamının əməl və niyyətlərindən xəbərdardır).   [1] Nümunə, c.18, səh.161 [2] Nümunə, c.18, səh.173 [3] Əl-Mizan, c.17, səh.7 [4] Əl-Mizan, c.17, səh.17 [5] Nümunə, c.18, səh.187 [6] Kafi, c.2, səh.329 [7] Nümunə, c.18, səh.194 [8] Nümunə, c.18, səh.216 [9] Nümunə, c.18, səh.220 [10] Nümunə, c.18, səh.231 [11] Nümunə, c.18, səh.247 [12] Nümunə, c.18, səh.260 [13] Əl-Mizan, c.17, səh.45 [14] Nümunə, c.18, səh.270 [15] Nümunə, c.18, səh.276 [16] Nümunə, c.18, səh.286 [17] Nümunə, c.18, səh.296 [18] Nümunə, c.17, səh.435 [19] Nümunə, c.18, səh.296

QURANI KƏRIM 13.02.2025

“Səbə” surəsi

  “Səbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Həmd göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha məxsusdur! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, xəbərdardır. O, yerə girəni də, oradan çıxanı da, göydən düşəni də, oraya qalxanı da bilir. O, rəhmlidir, bağışlayandır. Kafirlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. De: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, o, sizi haq­­layacaqdır. Göylərdə və yerdə zərrə qədər olan bir şey də Ondan gizli qalmaz. Bundan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın”. Bunlar ona görədir ki, iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onlar üçün bağışlanma və çox qiymətli ruzi vardır. Ayələrimizi qüvvədən salmağa çalışanlar, bizdən yaxa qurtarıb qaça biləcəklərini güman edənləri pis və ağrılı-acılı əzab gözləyir. Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun yenilməz qüdrət sahibi və tərifəlayiq Allahın yoluna yönəltdiyini görürlər. Kafirlər dedilər: “Çürüyüb parça-parça olduqdan sonra yenidən yaradılacağınızı xəbər verən bir kişini sizə göstərəkmi? —————————————————————————————— “Səbə” surəsinin ümumi məzmunu: Bu surə beş mövzunu əhatə edir: 1. Tövhid, Allahın varlıq aləmindəki nişanələrinin bir qismi, Ona aid olan müqəddəs xüsusiyyətlər, o cümlədən tövhid, rəbb və tanrılıq xüsusiyyətləri. 2. Məad. Bu surədə məad mövzusuna daha çox yer verilmiş, müxtəlif yönlərdən izah edilmişdir. 3. Keçmiş peyğəmbərlər və İslam peyğəmbərinin (s) peyğəmbərliyi, düşmənlərin onun haqqında olan bəhanələrinə cavab və əvvəlki peyğəmbərlərin göstərdikləri möcüzələrin bir qisminin izahı. 4. Allahın böyük nemətlərinin bir hissəsi, şükür və küfr edənlərin aqibəti, Süleyman (ə) və Səbə xalqının həyatının bir hissəsi. 5. Fikir, düşüncə, iman, saleh əmələ çağırış, haqq axtarışında olanların ümumi və əhatəli tərbiyə proqramını təşkil edən amillərin insanın xoşbəxtlik və bədbəxtliyinə təsiri.[1] Allahın elmi: Məad inkar edənlərin iradlarından biri bu idi ki, insan torpağa çevrildikdən və bütün üzvləri torpağa yayıldıqdan sonra onları kim tanıyıb ayırd edəcək, bir yerə toplayacaq, yeni həyata qaytaracaq, bütün bəndələrin gizli və aşkarda olan əməllərinin hesabatanı aparıb onları qoruyacaq, vaxtı çatanda onları incələyəcək? Ayədə Allahın bütün gizli işlərdən xəbərdar olduğu, zahiri və batini bildiyi, yerdə və göylərdə, hətta zərrə qədər əməlin də Onun sonsuz elmindən kənar olmadığı buyurulur. Beləliklə, nə insan bədəninin zərrələrinin torpağa qarışması, nə onun digər varlıqlara qarışması, hətta həmin hissələrin qida vasitəsilə digər insanların mədəninə köçməsi onların geri qayıtmasına mane olmur. Onların etdikləri əməllər, hətta formasını dəyişsə də bu dünyada qalır. Allah bu əməllərin hamısından xəbərdardır.[2] Alimlər sənin qayıdışını doğru hesab edirlər: Bəzi təfsirçilər “elm verilmiş şəxslər” deyilərkən Quranın haqq olduğunu göstərən əlamətləri gördükdən sonra onun qarşısında təzim edən, onun haqq olduğunu etiraf edən kitab əhli olduğunu bildirirlər. Kitab əhlinin bu ifadənin prototiplərindən olmasının heç bir problemi yoxdur. Ancaq ayənin yalnız bu məna ilə məhdudlaşdırılması əsassızdır. “Yəra” (burada “görürlər” kimi tərcümə edilən feil, əslində, ərəbcə orijinalında) gələcək zaman feilidir. Buna görə də “elm verilmiş şəxslər” ifadəsi zaman və məkanından asılı olmayaraq, bütün alimləri və düşüncə sahiblərini əhatə edir. Hədislərdə bu sözlə İmam Əliyə (ə) işarə edildiyi qeyd edilmişdir. Təbii ki, İmam Əli (ə) bu ifadənin ən kamil nümunəsidir. Təəssübkeşlikdən uzaq olan istənilən alim bu səmavi kitabın məna dolu maarifindən, qətiyyətli hökmlərindən, hikmətamiz nəsihətləri və təkanverici öyüdlərindən tutmuş ibrətamiz tarixi hadisələri, ecazkar elmi mövzularına qədər, bütün mövzuları haqqında düşünsə, onun bütün ayələrinin düzgünlüyünün şahidi olar. Bu gün şərq və qərb alimləri İslam və Quran haqqında çoxlu kitablar yazmışlar. Bu kitablarda İslamın əzəməti və bu Quranın doğruluğu etiraf edilmişdir.[3]   O, Allaha iftira atır, ya dəli olub?” Xeyr! Axirətə inanmayanlar əzab və dərin bir azğınlıq içindədirlər. Onlar önlərindəki və arxalarındakı yerə və göyə baxmırlarmı? Əgər istəsək, onları yerə batırar və ya göydən üzərlərinə daş parçaları endirərik. Bunda hər bir tövbə edən bəndə üçün bir nişanə vardır. Biz Davuda Öz tərəfimizdən böyük bir lütf bəxş etdik. (Dağlara və quşlara dedik:) “Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq. (Ona dedik:) “Tam və geniş zirehlər düzəlt, halqaları ölçüsündə və münasib et. Yaxşı işlər görün ki, Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm”. Səhərlər bir aylıq yolu, günortadan sonra (da) bir aylıq yolu qət edən küləyi Süleymana ram etdik. Biz mis çeşməsini onun üçün axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun qabağında işləyirdi. Onlardan hər hansı biri əmrimizdən çıxırdısa, ona yandırıcı odun əzabını daddırırdıq. Süleyman nə istəyirdisə, onlar onun üçün düzəldirdilər; məbədlər, heykəllər, hovuzlara bənzər böyük yemək qabları və yerindən tərpənməyən nəhəng qazanlar. Ey Davud nəsli! Şükür edin! Qullarımdan şükür edəni azdır. Ölümünə hökm verdiyimiz zaman onun öldüyünü onlara ancaq əsasını yeyən həşərat (qarışqa) göstərdi. Yerə yıxıldığında cinlər anladılar ki, əgər onlar qeybi bilsəy­­dilər, xaredici əzaba məruz qalmazdılar. ———————————————————————————— 10-11. Allahın Davuda (ə) lütf etdiyi böyük nemətlər: Bu ayə haqqında danışarkən qeyd edəcəyimiz müxtəlif möcüzələr həzrət Davuda (ə) lütf edilən nemətlərin bir qismidir. Çox gözəl səs, “Sad” surəsində də işarə edilmiş ədalətli mühakimə bacarığı bu ilahi nemətlərdəndir.[4] Davuda (ə) bəxş edilən nemətlərdən biri Süleyman (ə) kimi dindar, bilikli və ədalətli övlad atası olmasıdır.[5] Ona bəxş edilən nemətlər arasında ən üstünü peyğəmbərlik neməti olmuşdur. Dağların və quşların onunla səs-səsə verməsinə gəlincə, bildirirlər ki, kainatın bütün zərrələri, Allaha həmd-səna, tərif desə də, Davudun (ə) üstünlüyü onda idi ki, tərif demək üçün səsini ucaldanda mövcudatın batinində olan aşkara çıxır, daxili zümzümələri xarici nəğməyə çevrilirdi. Hədislərdə qeyd edildiyi kimi, daş parçasının İslam peyğəmbərinin (s) əlində Allahın şəninə tərif deməsi də buna bir misaldır. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Davud çölə və düzə üz tutub Zəburu tilavət edərkən onunla səs-səsə verib oxumayan heç bir dağ, daş və quş qalmırdı.” Bu mənəvi nemətdən sonra ayədə bir maddi nemətə işarə edilir: “Biz dəmiri onun üçün yumşaltdıq”. Ayənin məzmunundan belə başa düşülür ki, dəmirin Davudun (ə) əlində yumşalması Allahın əmri ilə möcüzəli şəkildə baş vermişdir. Belə ki, isti kürəyə dəmiri yumşaltmaq qüdrəti verən Allah üçün eyni xüsusiyyəti başqa bir şəkildə peyğəmbərinin əlinə də bəxş etməsində heç bir çətinlik yoxdur.[6] 12-13. Süleymanın (ə) əzəməti: Küləyin Süleymanın (ə) kürsüsünü (ya xalçasını) necə hərəkətə gətirməsi bizə aydın deyil. Ancaq bildiyimiz budur ki, Allahın qüdrəti qarşında heç nə mürəkkəb və mümkünsüz deyil. İnsan öz kiçik gücü ilə içində yüzlərlə sərnişin olan iri təyyarələri və hava şarlarını göydə hərəkətə gətirdiyi halda, Süleymanın (ə) xalçasını külək vasitəsilə hərəkət etdirmək Allah üçün əsla çətin deyil. Allahın Süleymana (ə) bəxş etdiyi ikinci nemət mis bulağının onun üçün axmasıdır. Əlbəttə, bu hadisənin necəliyi bizə aydın deyil. Üçüncü qeyd edilən nemət böyük bir cin ordusunun onun ixtiyarına verilməsidir. Burada diqqət çəkən başqa bir məqam cinlərin Süleyman (ə) üçün heykəl düzəltməsidir. Bəlkə də bu heykəllər Süleymanın (ə) qəsrlərini daha da əzəmətli göstərmək və bəzək məqsədilə düzəldilirdi. Belə ki, bəzi heyvan heykəlləri insanların nəzərində əzəmət və böyüklük rəmzi hesab edilir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “And olsun Allaha, Süleymanın (ə) göstərişi ilə düzəlmiş heykəllər qadın və kişi heykəlləri deyil, ağac və sairənin heykəlləri olmuşdur.” Bu hədisə əsasən ruhu olan canlıların heykəlinin düzəldilməsinin onun şəriətində də haram olduğu məlum olur.[7] Süleymanın (ə) ibrətamiz ölümü: Bu ayədən belə məlum olur ki, Süleyman (ə) öldükdən sonra bir müddət əsasına söykənmiş halda qalmışdır. Onun üçün çalışan cinlər bundan çox gec xəbər tutmuşdular. Təfsirçilər həmin müddətin bir il sürdüyünü qeyd etsələr də, inandırıcı görünmür. Çünki Süleymanın (ə) qəsri var idi, qərar verir, hökm çıxarırdı, hər gün qəbuluna insanlar gəlirdi. Uzun müddət heç kəsin belə bir adamın ölməsindən xəbər tutmaması inandırıcı deyil. Deməli, bu müddət o qədər az olmalı idi ki, saray işçiləri bu müddət ərzində onun qəbuluna getməmiş olsunlar. Ola bilsin ki, Süleyman (ə) müəyyən səbəblərdən bir müddətlik onunla görüşə qadağa qoymuş, özü ilə bir qədər azuqə, yemək və su ehtiyatı götürmüşdü. Süleyman (ə) ibadətini başa vurub qəsrin eyvanına çıxdıqdan sonra ölüm mələyi enib canını almış, sonra da qarışqalar onun əsasını yeməyə başlamış, əsa qırıldıqdan sonra onun ruhsuz bədəni yerə yıxılmışdı. Süleymanın (ə) bu cür ölümü insanların cinlərlə bağlı olan təsəvvürlərini alt-üst etdi və onlara məlum oldu ki, cinlərin qeybdən xəbərləri yoxdur.[8]     Yaşadıqları yerdə Səbə qövmü üçün bir nişanə – biri sağda, digəri də solda olan iki bağ var idi. (Onlara dedik:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Bu,) tərtəmiz bir şəhərdir və (Bu da) bağışlayan bir Rəbbdir!” Amma onlar üz döndərdilər, Biz də üstlərinə dağıdıcı sel göndərdik. Onların iki bağını acı meyvəli, yulğunlu və bir az sidr ağacı olan iki bağla əvəz etdik. Bu cəzanı onlara nankorluqlarına görə verdik. Məgər biz nankorluq edəndən başqasını cəzalandırarıqmı? Onlarla bərəkət verdiyimiz şəhərlər arasında aydın görünən şəhərlər salmış, aralarında münasib gediş-gəliş yaratmışdıq. “Gecələr və gündüzlər bu ərazilərdə arxayın gəzib dolaşın!” ( – demişdik) (Ancaq bu naşükür camaat) dedi: “Ey Rəbbimiz! Səfərlərimizdə məsafəni uzaq et! (Qoy yoxsullar varlılar kimi səfər edə bilməsinlər)” – və özlərinə zülm etdilər. Biz onları (başqaları üçün) ibrət dastanlarına çevirib özlərini də pərən-pərən etdik. Bu hadisədə hər bir səbir və şükür edən üçün ibrətamiz nişanələr var. Həqiqətən, İblisin onlar barəsindəki ehtimalı gerçəkləşdi. Bir dəstə mömindən başqa, qalanları ona tabe oldular. O, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri bir-birindən fərqləndirmək üçün belə etdik. De: “Allahdan başqa məbud saydıqlarınızı çağırın”. Onların nə göylərdə və nə də yerdə zərrə qədər maliklikləri yoxdur. Onlarda (yerlə göylərin yaranışında və ona malik olmada) heç bir şəriklikləri yoxdur və (yaradarkən) Allaha yardımçı da olmayıblar. ————————————————————————————— 15-19. Nankorluq nəticəsində küləyə sovrulan parlaq bir mədəniyyət: “Səbə”nin kimliyi haqqında təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq onun Yəmən ərəblərinin ulu əcdadı olması daha məşhurdur. Peyğəmbərdən (s) nəql olunan bir hədisə əsasən Səbə on oğlu olan bir kişinin adıdır. Bu oğlanlar ərəb qəbilələrinin ataları sayılırlar. Bəziləri hesab edir ki, Səbə Yəmənin və ya Yəmənə aid bir yerin adıdır. Quranın “Nəml” surəsində Süleyman və şanapipiyin əvhalatından da Səbənin yer adı daşıdığı məlum olur. Əlbəttə, Səbə daha öncə şəxs adı olmuş, sonra həmin şəxsdən törəyən qəbilələr bu adla adlanmış, daha sonra həmin qəbilələrin yaşadığı yer bu adla adlandırılmışdır. Səbə əhalisi dağların arasında böyük bir bənd tikib dağıdıcı və səhralarda boş yerə axan sellərin qarşısını almağa müyəssər olmuş və həmin bənddən arxlar çəkərək böyük bağlar və əkin sahələri salmışdı. Əlbəttə, ayələrdə iki bağ deyilərkən adi bağ nəzərdə tutulmur. Bəndin suyu ilə becərilən bu bağlar həddən artıq bərəkətli və bol meyvəli bağ olmuşdur. Bağlar o qədər bol meyvəli olmuşdur ki, tarixi mənbələrin yazdığına görə, əgər kimsə meyvə mövsümündə başına səbət qoyub həmin bağdan sadəcə keçsəymiş, çox qısa müddətdən sonra səbəti meyvə ilə dolarmış. Bu ərazilərlə Şam, Fələstin və İordaniya arasındakı şəhərlər bir-birinə zəncir halqalarını xatırladan formada yaxın olmuşlar. Bu şəhərlər bir-birinə o qədər yaxın olub ki, bir şəhərin camaatı digər şəhərin camaatını görərmiş. Bu yaxınlıq həmin şəhərlərin əhalisinin hücumlardan, yırtıcılar, yolkəsənlər və oğruların təhlükəsindən arxayın olmasına səbəb olmuşdu. Camaat bu şəhərlərə miniksiz, azuqə ehtiyatı götürmədən səfər etmiş, qrup halında səfər etməyə, silahlı mühafizlər götürməyə ehtiyac duymadan, tam arxayınlıqla və az azuqə ilə gedərmiş. Ancaq bu naşükür camaat Allahın verdiyi və həyatlarına firavanlıq gətirən bütün bu bol nemətlərə naşükürlük etmiş, təkəbbür və qəflət xəstəliyinə tutulmuş, Allahın qanunlarına etinasızlıq göstərmişdir. Onların axmaq istəklərindən biri səfərlərin daha da uzanması olmuşdur. Varlılar az gəlirli insanların onlar kimi səfər etməsini, istədikləri yerə miniksiz, azuqəsiz və heç nəsiz getməsini istəmədikləri üçün yolların uzanmasını, şəhərlərin arasında quru səhraların yaranmasını istəmişdilər. Bunu ona görə istəyirdilər ki, yoxsulların onların rahatlıqlarını pozduğunu, onları narahat etdiyini düşünürdülər. İsrail oğullarının göydən nazil edilmiş “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva”dan (göyərçinə bənzər quş ətindən) çiyrinib soğan, sarımsaq və mərci istəməsi də belə olmuşdu. Tarixi mənbələrin yazdığına görə, səhra siçanları bu təkəbbür içində məst olmuş insanların xəbəri olmadan həmin torpaq bəndə hücum çəkib onu daxildən zəiflədirlər. Gözlənilmədən güclü yağış yağır və dağdakı daşqınlar güclənərək artıq selə qarşı əvvəlki müqavimət gücünü itirmiş bəndi aşırır, bəndın qarşısında toplanmış su şəhərləri yerlə yeksan edir və bu abadlıqları quru səhralara çevirir, bol meyvəli bağın yerində yulğun, sidr və şoranlıq ağacları bitir. Allah Öz qüdrətini göstərmək istədikdə böyük bir mədəniyyəti siçanlar vasitəsilə dağıdır və bununla da bəndələrinə zəif olduqlarını göstərir, onlara gücləndikləri vaxt qürurlanmamağı başa salır.[9]   Onun dərgahında izn verdiyi kəslərdən başqa, heç kimin şəfaətinin faydası yoxdur. (Həmin gün hamı qorxu və narahatlıq içundə olacaq.) Nəhayət, qorxu və narahatlıq hissi qəlblərindən keçib getdikdən sonra onlar (günahkarlar şəfaətçilərdən): “Rəbbiniz nə göstəriş verdi?” ­– deyə soruşarlar. Onlar isə: “Haqqı! Uca və böyük olan Odur!” – deyə cavab verərlər. De: “Göylərdən və yerdən sizə ruzi verən kimdir?” De: “Allahdır! Elə isə ya biz, ya da siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”. De: “Siz bizim etdiyimiz günahlara görə sorğu-sual edilməyəcəksiniz, biz də sizin etdiklərinizə görə məsuliyyət daşımırıq”. De: “Rəbbimiz hamımızı bir araya cəmləşdirib sonra da aramızda ədalətlə hökm verəcəkdir. Bilici hakim odur!” De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Əsla, belə deyil! (Onun bənzəri və şəriki yoxdur) O, yenilməz qüdrət və hikmət sahibi olan Allahdır!” Biz səni bütün insanlara yalnız müjdə vermək və qorxutmaq üçün göndərdik. Lakin insanların çoxu bilmir. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər. De: “Sizə verilmiş vəd elə bir gündür ki, ona nə bircə saat gecikə, nə də qabağa keçə bilərsiniz”. Kafirlər dedilər: “Biz nə bu Qurana, nə də bundan əvvəlki kitablara əsla inanmayacağıq!” Kaş sən o zalımları Rəbbinin hüzurunda saxlanılıb günahlarını bir-birinin boyunlarına atdıqları halda görəydin. Zəiflər özləri haqda üstün fikirdə olanlara deyəcəklər: “Əgər siz olmasaydınız, biz mömin olardıq”. ———————————————————————————– Qiyamətdə hər kəsi bürüyəcək qorxu və narahatlıq: Əvvəlki ayədə buyurulur ki, müşriklərin tanrı adlandırdıqlarının göydə və yerdə zərrə qədər də olsa maliklikləri yoxdur, heç bir düyünü aça biləcək gücdə deyillər. O zaman burada belə bir sual yaranır ki, əgər belədirsə, bəs şəfaət nədir? Bu ayə məhz qeyd olunan suala cavab xarakteri daşıyır. Allah buyurur ki, əgər Allah dərgahında şəfaətçi varsa, o da Allahın əmri ilədir. Deməli, bütpərəstlərin bütlərə sitayiş etmək üçün “bunlar bizim Allah yanındakı şəfaətçilərimizdir” – deyə gətirdikləri bəhanəyə (Yunus – 18) bu vasitə ilə son qoyulur. Çünki Allah onların iddia etdikləri bütlərə əsla şəfaət icazəsi verməmişdir. Daha sonra Allah-taala ayədə buyurur ki, Qiyamət günü hər kəsin qəlbinə qorxu və narahatlıq hakim kəsiləcək, həm şəfaətçilər, həm də şəfaət olunanlar narahatlıq və qorxu içində olacaqlar, hər kəs Allahın kimi şəfaətçi seçəcəyini və kimə şəfaət olunacağı ilə bağlı narahatlıq keçirəcək. Şəfaət arzusunda olanlar gözlərini şəfaətçilərə dikəcək, yalvarış dolu baxışlarla onlardan şəfaət umacaqlar. Şəfaətçilər də gözlərini Allahın əmrinə dikib necə və kim haqqında şəfaət ediləcəyini gözləyəcəklər. Allah tərəfindən layiq olanlar haqqında şəfaət əmri gələnə qədər bu ümumi qorxu və narahatlıq davam edəcək. Məhz elə bu zaman günahkarlar şəfaətçilərə deyəcəklər: “Rəbbiniz nə göstəriş verib?” Şəfaətçilər deyəcək: “Haqqı!” Haqq budur ki, şəfaət Allahla olan əlaqəsini tamamilə kəsmiş, Allah, peyğəmbər və onların dostlarından tamamilə uzaq durmuş günahkarlara deyil, təkcə əlaqələrini Allahdan tamamilə kəsməyənlərə şamil olsun.[10] Möhkəm bir dəlil və misilsuz bir metod: “Ya biz, ya da siz (ikimizdən biri) ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir” cümləsi insaf və ədəblə müşayiət olunan gerçək bir arqument əsası ola bilər. Bu metod qarşı tərəfi inadkarlıq və təkəbbür miniyindən düşməyə, fikir və düşüncəyə dalmağa vadar edir. Allah-taala bu ayə ilə peyğəmbərinə kafirlərə onların inancları ilə bunların inanclarının təzad təşkil etdiyini, buna görə hər ikisinin doğru olmasının qeyri-mümkün olduğunu söyləməsini göstəriş verir. Təbii ki, iki ziddin bir yerdə cəm olması qeyri mümkündür. Deməli, bu qruplardan biri haqq, digəri isə batil və yolunu azmışdır. İndi düşünün və bu tərəflərdən hansının haqq yolda olduğunu, hansının haqq yoldan azdığını müəyyən etmək üçün hər iki tərəfin dəlillərinə baxın. Bu, qarşı tərəfi düşünməyə və axtarış aparmağa vadar edən ən yaxşı mübahisə üsullarından biridir.[11] Sən bütün bəşəriyyət üçün göndərilmisən: “Kaffətən” sözü, mənası əlin içi olan “kəff” sözündən götürülmüşdür. İnsan hər şeyi əli ilə tutduğu və ya əli ilə özündən dəf etdiyi üçün bəzən bu söz toplamaq, bəzən isə dəf etmək mənasında işlədilir. Buna görə də təfsirçilər ayədə hər iki mənanın nəzərdə tutulduğunu ehtimal edirlər. Bu sözün mənasının toplamaq olması peyğəmbərin dəvətinin ümumi və bütün bəşəriyyətə şamil olduğunu deməyə əsas verir. Ayənin təfsirini ehtiva edən çoxlu sayda hədis də bu yozumu gücləndirir. İkinci məna ilə isə “kaffətən” sözü peyğəmbərin xüsusiyyətini ifadə edir. Yəni Allah peyğəmbəri ona görə göndərib ki, insanları küfr və günahdan çəkindirsin. Birinci təfsir daha düzgün görünür.[12]   Özləri haqda üstün fikirdə olanlar zəiflərə belə deyərlər: “Sizə doğru yol gəldikdən sonra sizi ondan bizmi yayındırdıq? Xeyr, siz özünüz günahkar idiniz”. Zəiflər özləri haqda üstün fikirdə olanlara deyərlər: “Xeyr! Siz bizə Allahı inkar etməyi və Ona şəriklər qoşmağı əmr etdiyiniz zaman sizin gecə-gündüz apardığınız məkrli təbliğatlar (bizim azmağımıza səbəb oldu).” Onlar əzabı gördükdə peşmançılıqlarını gizlədərlər. Kafirlərin boyunlarına zəncirlər vurarıq. Onlara etdikləri əməllərdən artığına görə cəza verilərmi? Biz hansı şəhər və məmləkətə bir qorxudan peyğəmbər göndərdiksə, onun naz-nemətdən özünü itirmiş sakinləri ona: “Biz sizin risalətinizi (yerinə yetirmək üçün göndərildiyiniz şeyi) inkar edirik!” – dedilər. Onlar: “Bizim mal-dövlətimiz və övladlarımız daha çoxdur və bizə əzab verilməyəcəkdir” – dedilər. De: “Rəbbim istədiyinin ruzisini bol edər və ya azaldar. Lakin insanların çoxu bilmir”. Mallarınız və övladlarınız sizi bizə əsla yaxınlaşdırmır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. Ayələrimizi inkar etməyə çalışanlar və qüdrətimizdən qaçıb qurtaracaqlarını düşünənlər isə əzaba düçar ediləcəklər. De: “Rəbbim istədiyi insanın ruzisini bol edər, istədiyinin ruzisini isə azaldar. Nə xərcləsəniz, əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!” ———————————————————————————— Dəyərlərin dəyərləndirilməsi: Fərdi və ictimai həyatın ən mühüm mövzularından biri cəmiyyətin mədəniyyətinə hakim olan dəyər sistemi və ölçü meyarıdır. Çünki individual və sosial həyatda baş verən bütün hərəkətlər həmin sistemdən qaynaqlanır və eyni zamanda bu dəyərləri yaratmağa xidmət edir. Hər hansı xalq və ya millətin bu sahədə səhv etməsi, xəyali və əsası olmayan dəyərlərə üz tutması həmin millət və xalqın tarixinin tamamilə süquta uğraması üçün kifayət edir. Həqiqi dəyərlərin və doğru meyarların dərk edilməsi xalqların xoşbəxtlik sarayının bünövrəsini təşkil edir. Özündənrazı dünyapərəstlər dəyəri təkcə mal, maddi qüdrət və insanların sayı ilə məhdudlaşdırırlar, hətta insanın Allah qarşısındakı dərəcəsini də bu aspektlə ölçürlər. Buna görə də peyğəmbərlərin islahat üçün atdıqları ilk və ən mühüm addım bu cür yalançı çərçivələri və kompleksləri sındırmaqdır. Onlar öz təlimatları ilə bu yanlış baryerləri uçurur, onları Allahın xalis dəyərləri ilə əvəzləyir, mədəni inqilab edərək şəxsiyyət göstəricilərini var-dövlət, övlad, sərvət və şöhrət çərçivəsindən çıxarıb, iman və saleh əməllə əvəzləyirlər. Hətta elm, bilik, böyük şəxsiyyətlərin övladları olmaq iman və saleh əməllə müşayiət olunmazsa, təklikdə, hətta peyğəmbər olsa belə, insanın dəyərini artırmaz. Allah-taala bu ayədə insanı Allaha yaxınlaşdıran və onun əsl dəyəri hesab edilən yanlış və xurafat düşüncələr üzərindən xətt çəkir və bu dəyərləri hər kəsin əldə edə biləcəyi, maddi imkan və məhrumiyyətlərin təsir göstərə bilməyəcəyi iki prinsipdə ümumiləşdirir. Əgər övlad və var-dövlət də bu yola xidmət etsə, ilahi rəngə boyanar, iman və saleh əməl rəngi alar, Allaha yaxınlaşdırma səbəbinə çevrilər.[13] Deyilənə görə, bir kişi İmam Sadiqin (ə) yanında varlıları pisləyir. İmam (ə) buyurur: “Sakit ol! Çünki Allah-taala qohumları ilə əlaqəsi olan, qardaşlarına qarşı yaxşı davranan varlının savabını ikiqat artırar. Allah-taal belə buyurub: “Mallarınız və övladlarınız sizi Bizə əsla yaxınlaşdırmır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır…”[14] Allah yolunda xərcləmək azalmaya yox, artıma səbəb olur: “Allah yolunda nə xərcləsəniz, əvəzini verər.” Bu cümlənin mənası çox dərindir. Böyüklüyündən və kiçikliyindən, maddi və mənəvi olmasından asılı olmayaraq, Allah yolunda verilmiş bütün xərclərə şamil olur. Əsas məsələ keyfiyyətindən və kəmiyyətindən asılı olmayaraq, insanın öz sərmayələrini Allah yolunda xərcləməsidir. Peyğəmbərin (s) hədislərinin birində belə buyurulmuşdur: “Hər bir yaxşı iş sədəqədir. Kişinin özü və ailəsi üçün xərclədiyi ona sədəqə yazılır. İnsanın öz abrını qorumaq üçün istifadə etdiyi vasitə sədəqədir.” Bu ayə xərcləməni fanilikdən çıxarıb ona əbədilik rəngi verir. Çünki Allah-taala həmin xərcələnəni bir neçə qat, bəzən min dəfələrlə artıq maddi və mənəvi nemətlərlə əvəz edəcəyinə zəmanət vermişdir. Deməli, Allah yolunda xərcləyən şəxs möhkəm ruhiyyə və inanca malik olar, qəlbi və əli açıq olar. O, yoxsulluq hissini özünə əsla yaxın buraxmaz. Allaha şükür edər ki, ona belə bir faydalı ticarət nəsib etmişdir.[15]   (Xatırla!) O gün Allah onların hamısını qaldıracaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?” Onlar deyəcəklər: “Sən paksan, müqəddəssən! Bizim hamimiz onlar deyil, təkcə Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. Bu gün bir-birinizə nə bir xeyir, nə də bir zərər verə bilərsiniz. Biz zalımlara deyəcəyik: “Dadın yalan saydığınız odun əzabını!” Aydınlıq gətirən ayələrimiz onlara oxunduğu zaman: “Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir kişidir!” – deyərlər. Onlar: “Bu, uydurulmuş böyük yalandan başqa bir şey deyildir!” – deyərlər. Kafirlərə haqq gəldikdə: “Bu, yalnız açıq-aşkar bir sehrdir!” – deyərlər. Biz onlara oxumaları (və oxuduqlarına əsaslanıb səni yalançı çıxarmaları) üçün bir kitab verməmişdik və səndən əvvəl də onlara bir qorxudan göndərməmişdik. Onlardan əvvəlkilər də (Allahın ayələrini) yalan hesab etmişdilər. Halbuki, bunlar onlara verdiklərimizin onda biri də etmir. Onlar Mənim elçilərimi yalançı saydılar. Elə isə (bax, gör) Mənim (onlara verdiyim) əzab necə oldu! De: “Mənim sizə bircə nəsihətim var, o da budur ki, Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da bir düşünün. Sizin yoldaşınızda (Mühəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız sizi şiddətli əzabdan qorxudub xəbərdar edəndir”. De: “Mən sizdən nə haqq istəmişəmsə, sizin özünüz üçün olub. Mənim haqqım ancaq Allahdan olacaqdır. O, hər şeyə şahiddir”. De: “Rəbbim haqqı endirir. O, qeybləri biləndir”. ————————————————————————————- Düşünmə əmri: Doğru yolda olan məzhəblərdən hər zaman təhlükə hiss edən materialist məktəblər dinlərin kütlələri yanlış düşüncələrə çağırdığını israrla qabardırlar. Əlbəttə, bu, çox geniş bir mövzudur, öz yerində onlara tutarlı və qətiyyətli cavablar verilmişdir. Quranın müxtəlif ayələrində, o cümlədən sözü gedən bu ayədə həmin insanlar düşüncə və təfəkkürə dəvət edilir. Hətta Quranda dinin xülasəsinin, insan təkamülü və inkişafının mahiyyətinin təfəkkür və düşüncədən ibarət olduğu qeyd edilir. İslam kimi bir dinin gətiricisi bütün insanları sakit və iğtişaşsız bir mühitdə yatmış düşüncələri oyatmağa, qiyama qaldırmağa səslədiyi bir halda, bu din cəhalətə necə səbəb ola bilər? İslam insanı nəfsi istəklərdən, zəhərli təbliğat dalğalarından, təəssüb və inadkarlıqlardan uzaq bir mühitdə Allah üçün qalxmağa və düşünməyə çağırdığı, yeganə nəsihətinin bundan ibarət olduğunu bəyan etdiyi, bu çağırışını dəfələrlə təkrarladığı bir halda, belə bir dinin fikir və düşüncələri keyləşdirdiyini iddia etmək gülünc görünmürmü? Quran hətta təklikdə də deyil, iki-iki və kollektiv şəkildə düşünməyə, peyğəmbərlərin çağırışlarının məzmunu və dəlilləri haqqında düşünməyə, ağıl qəbul etdiyi təqdirdə qəbul etməyə dəvət edir. Qəribədir ki, bəzi mütəfəkkirlər fövqəltəbii aləmi qəti surətdə inkar edir, dini, insanların uydurduğu bir hadisə sayır, bunun qorxu, elmi həqiqətlərdən xəbərsizlik, psixoloji qüsurlar və sair nəticəsində meydana gəldiyini iddia edirlər, amma bu maddi aləmdən kənar bir dünyanın mövcud olması ehtimalını verib heç bir önyarğı olmadan Allahın təkliyin və Mühəmməd (s) kimi peyğəmbərlərin peyğəmbərlik missiyalarının dəlilləri haqqında düşünmək istəmirlər. Maraqlıdır ki, Quranın ayələrinin çoxunun son hissəsi insanları düşünməyə, fikirləşməyə və xatırlamağa çağırır. Biz hədislərdə də fikir və düşüncəyə birinci dərəcədə əhəmiyyət verildiyinin şahidi oluruq. Hədislərinin birində İmam Rza (ə) belə buyurmuşdur: “İbadət namazın və orucun çoxluğu ilə deyil. Həqiqi ibatəd Allahın işlərində düşünməkdir.”[16] Sizdən mükafat istəmək sizin özünüz üçündür: Bu ayə ilə bağlı iki yozum mövcuddur: 1. Ayə birmənalı şəkildə heç bir mükafat istəməmək barədə metaforadır. Bu, bizim birinə “səndən nə istəmişdimsə özünün olsun!” deməyimizə bənzəyir. Bizim bu sözümüz həmin şəxsdən heç nə istəməmək barədə metaforadır. 2. (Bu yozuma əsasən Peyğəmbər (s) sanki belə deyir:) Bəzi məqamlarda mənə Allah tərəfindən göndərilən cümlələrdə mənim sizdən mükafat istəməyim, habelə sizdən mükafat istəyib “Peyğəmbərliyimin müqabilində sizdən muzd olaraq yalnız yaxınlarımı sevməyi istəyirəm” (Şura-23) deməyim də sizin xeyrinizədir. Çünki yaxınlarıma qarşı sevgi imamət və rəhbərlik mövzusuna qayıdış və peyğəmbərlik xəttinin davam etməsidir. Bəziləri bu ayənin nazilolma səbəbindən danışarkən bildirirlər ki, “Şura” surəsinin 23-cü ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) Məkkə müşriklərinə belə buyurur: “Yaxınlarımı narahat etməyin”. Onlar da Peyğəmbərin (s) bu sözünü qəbul edirlər. Ancaq Peyğəmbərin (s) onların bütləri haqqında xoşagəlməz sözlər dediyini görüb deyirlər: “Ey Muhəmməd! Bizimlə ədalətlə davran. Bir tərəfən bizdən istəyirsən ki, qohum-ərəbanı incitməyək, digər tərəfdən də tanrılarımız haqqında xoşagəlməz sözlər danışıb bizi incidirsən.” Bu zaman sözü gedən ayə nazil olur və onlara deyilir ki, Peyğəmbərin sizdən istədiyi sizin xeyrinizədir; onları incitsəniz də, incitməsəniz də bu, belədir.[17]   De: “Haqq gəldi. Batil nə ortaya yeni bir iş qoya, nə də onu yeniləyə bilər”. De: “Əgər mən haqq yoldan çıxsam, özüm çıxmış oluram. Yox, əgər doğru yolla gedirəmsə, bu da Rəbbimin mənə nazil etdiyi vasitəsilədir. O, eşidəndir, yaxındır”. Kaş ki, onları fəryadları ucaldığı, ancaq qaça bilmədikləri, yaxınlıqdan götürüldükləri vaxt görəydin. (Həmin vaxt onlar:) “Haqqa iman gətirdik!” – deyəcəklər. Amma uzaq bir yerdən ona necə nail ola bilərlər?! Onlar bundan əvvəl onu inkar edir, uzaqdan uzağa, görmədən (və bilmədən) xoşagəlməz fikirlər yürüdürdülər. Daha öncə onların bənzərlərinə edildiyi kimi, arzuladıqları şeylərlə onların arasına ayrılıq salındı. Çünki onlar şəkk-şübhə içində idilər.   [1] Nümunə, c.18, səh.3 [2] Nümunə, c.18, səh.14 [3] Nümunə, c.18, səh.19 [4] Nümunə, c.18, səh.27 [5] Mənşuri-cavid,c.12, səh.252 [6] Nümunə, c.18, səh.28 [7] Nümunə, c.18, səh.35 [8] Mənşuri-cavid,c.12, səh.303 [9] Nümunə, c.18, səh.56 [10] Nümunə, c.18, səh.79 [11] Nümunə, c.18, səh.83 [12] Nümunə, c.18, səh.92 [13] Nümunə, c.18, səh.109 [14] Əl-Mizan, c.16, səh.398 [15] Nümunə, c.18, səh.181 [16] Nümunə, c.18, səh.138 [17] Nümunə, c.18, səh.144

QURANI KƏRIM 13.02.2025

“Əhzab” surəsi

“Əhzab” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey Peyğəmbər! Allahdan qorx, kafirlərə və münafiqlərə itaət etmə. Allah biləndir və hikmət sahibidir. Rəbbindən sənə vəhy olunana tabe ol ki, Allah nə etdiyinizdən xəbərdardır. Allaha təvəkkül et! Allahın qoruyan və müdafiəçi olması kifayətdir. Allah heç kəsin daxilində iki ürək yaratmamışdır. Allah özünüzə haram etdiyiniz zövcələrinizi analarınız etməmiş, oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir. Bunlar sizin dilinizə gətirdiyiniz (əsassız) sözlərdir. Allah isə haqqı deyir və doğru yola yönəldir. Onları öz atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və azad edilmiş qullarınızdır. Yol verdiyiniz səhvlərdə sizə heç bir günah yoxdur. Lakin qəsdən dediklərinizə görə (sorğu-sual olunacaqsınız). Allah bağışlayandır, rəhmlidir. Peyğəmbər möminlərə onların özlərindən daha haqlıdır. Zövcələri isə möminlərin analarıdır. Allahın yazısına görə qohumlar bir-birlərinə möminlərdən və mühacirlərdən daha yaxındırlar. Dostlarınıza yaxşılıq etmək istəməyiniz (mallarınızdan bir hissəsini ona vermək istəməyiniz) isə istisnadır. Bu hökm kitabda yazılmışdır. ————————————————————————————- “Əhzab” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş yerə bölünür: 1. Allaha itaət  və kafirlərə itaətsizlik göstərməyə çağırış, münafiqlərin təklifləri. 2. Cahiliyyət dövrünün bəzi xurafatları. 3. Əhzab döyüşü. 4. Peyğəmbərin (s) müsəlman qadınlara bütün cəhətlərdən nümunə olmalı zövcələri. 5. Zeynəb bint Cəhşin əhvalatı. 6. Hicab. 7. Məad və o böyük səhnədəki qurtuluş yolu, həmçinin insanın böyük əmanətdarlığı.[1] Əsassız iddialar: Ayələrin davamında Peyğəmbərə (s) kafir və münafiqlərə deyil, yalnız vəhyə tabe olmaq göstərişi verilir. Ayədə onlara itaət göstərilməsinin insanı bir ovuc xurafatlara və azğınlıqlara sövq etdiyi qeyd edilmişdir. Ayədə həmin xurafatların üçünün adı çəkilir. Öncə belə deyilir: “Allah heç kəsin daxilində iki ürək yaratmamışdır”. Yəni insanın yalnız bir qəlbi var və həmin qəlbə təkcə bir tanrının sevgisi sığışa bilər. Çoxallahlılığa və şirkə çağıran insanların çox qəlbi olmalıdır ki, hər birini bir tanrının sevgi ocağına çevirə bilsinlər. Bu ayəni təfsir edərkən İmam Əli (ə) belə buyurmuşdur: “Bizim məhəbbətimizlə düşmənlərimizin məhəbbəti bir qəlbə sığışmaz. Çünki Allah bir insanın daxilində iki qəlb yaratmayıb ki, biri ilə sevib digəri ilə nifrət etsin. Bizim dostlarımız bizə qarşı sevgilərində qızıl od kürəsində xalisləşdiyi kimi xalisdirlər. Bu həqiqəti dərk etmək üçün hər kəs öz qəlbini yoxlasın. Qəlbində düşmənlərimizə qarşı sevgisi ilə bizə olan sevgisi qarışmış insan bizdən deyil, biz də ondan deyilik.” Quran daha sonra Cahiliyyət dövrünün digər xurafatlarından olan “zihar” məsələsindən söz açır. Belə ki, Cahiliyyət dövrünün ərəbləri öz həyat yoldaşlarından incidikdə və onlara qarşı olan nifrətlərini izhar etmək istədikdə onlara “sən mənim üçün anamın arxası kimisən” deyirdilər. Bununla da onlar öz zövcələrini anaları kimi qələmə verərək boşanmış sayırdılar. İslam bu cahil ənənəyə son qoyur, hətta bu davranış üçün cəza da təyin edir. Belə ki, İslam bu cür davranan ərə cərimə ödəməyənə qədər zövcəsinə yaxınlaşmaq qadağası qoyur, ər cərimə ödəmədiyi və arvadına yaxınlaşmadığı təqdirdə arvada şəriət hakiminə müraciət edərək ərinə iki seçim təyin etdirmək hüququ verir. Məhkəmənin hökmü ilə ər ya arvadını qanuni qaydada boşayıb ondan ayrılmalı, ya da cərimə ödəyərək əvvəlki evlilik həyatını davam etdirməlidir. Quranda daha sonra üçüncü cahil xurafata işarə edilir: “Oğul deyə çağırdıqlarınızı da oğullarınız etməmişdir.” Cahiliyyət dövrünün ənənlərinə görə bəziləri övladlığa uşaq götürür və onları oğul deyə çağırırdılar. Daha sonra oğulun malik olduğu bütün hüquqları onlara da aid edirdilər. İslam bu məntiqsiz və xurafat qaydaları kəskin şəkildə inkar edir.[2] Peyğəmbərin (s) həyat yoldaşları möminlərin analarıdır: Bu ayəyə əsasən Peyğəmbərin (s) həyat yoldaşları möminlərin anaları hesab edilir. Əlbəttə, bu hökm mənəvi münasibətlərlə məhdudlaşırdı. Yəni bu məhdudiyyət onlara hörmət göstərilməsi və onlarla ailə qurulmasının haramlığı ilə çərçivələnirdi. Yəni müsəlmanlar Peyğəmbərin (s) qızları ilə ailə qura bilərdilər. Halbuki heç kəs öz anasının qızı ilə ailə qura bilməz. Bundan başqa, məhrəmləri istisna olmaqla heç kəs onlara baxa bilməzdi. Habelə möminlər Peyğəmbərin (s) zövcələrinin varisləri ola bilməzdilər. Ayədə bəyan edilən məsələlərdən biri Peyğəmbərin (s) möminlərin onlara özlərindən üstün olması məsələsidir. Yəni Peyğəmbər (s) fərdi, ictimai, hökumət və sair məsələlərdə hər bir insana onun özündən üstün, Peyğəmbərin (s) istəyi onun özü ilə bağlı istəyindən üstündür. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Canım əlində olana and olsun, mən insana onun özündən, malından, övladından və bütün insanlardan sevimli və üstün olmayınca o, həqiqi imanı dada bilməz.”[3] Çox hədislərdə Peyğəmbərin (s) eyni haqqı İmam Əli (ə) üçün tanıdığının, onu müsəlmanlara onların özlərindən haqlı bir şəxs kimi təqdim etdiyinin şahidi oluruq.[4]     Bir zaman Biz peyğəmbərlərdən əhd aldıq; səndən, Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan! Biz onların hamısından (peyğəmbərlik və təbliğat vəzifəsini yerinə yetirərkən səhlənkarlıq etməmələri haqqında) möhkəm bir əhd aldıq. Ona görə belə etmişik ki, Allah doğru danışanlardan doğruçuluqları barədə soruşsun. Kafirlər üçün isə ağrılı-acılı bir əzab hazırlayıb. Ey iman gətirənlər! Qoşunlar sizin üzərinizə gəldiyi zaman Allahın sizə bəxş etdiyi neməti xatırlayın. Biz də onların üstünə şiddəyli külək və görmədiyiniz qoşunlar göndərdik. Allah sizin nə etdiyinizi hər zaman görür. Bir zaman onlar (şəhərin) həm yuxarı, həm də aşağı tərəfindən üstünüzə gəlmişdilər (və Mədinəni mühasirəyə almışdılar). O vaxt gözlər qorxudan bərəlmiş, ürəklər ağıza gəlmiş və siz Allah barəsində zənnə-gümana qapılmışdınız. Orada möminlər sınağa çəkilmiş və güclü sarsıntıya məruz edilmişdilər. O zaman münafiqlər və qəlbində xəstəlik olanlar deyirdilər: “Allah və Onun elçisi bizə ancaq yalan vədlər vermişdir”. Onlardan bir dəstə dedi: “Ey Yəsrib[5] əhli! Bura sizin duruş gətirə biləcəyiniz yer deyil. Geri qayıdın!” İçərilərindən bir qismi: “Evlərimiz nəzarətsiz qalıb” – deyərək Peyğəmbərdən geri qayıtmaq üçün izn istəyirdi. Halbuki evləri nəzarətsiz deyildi. Onlar, ancaq, qaçmaq istəyirdilər. Əgər düşmən Mədinənin hər tərəfindən üstlərinə hücum etsəydi və onlardan şirkə dönmələrini istəsəydi, qəbul edər və yalnız qısa müddət ləngiyərdilər. Baxmayaraq ki, onlar bundan əvvəl düşmənə arxa çevirməyəcəklərinə dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar. ————————————————————————————– 9-26. Əhzab döyüşü: Bu ayələrdə İslam tarixinin ən mühüm hadisələrindən biri olan “Əhzab” döyüşü haqqında məlumat verilir. Bu müharibə İslam tarixinin dönüş nöqtəsi olmuşdur. Bu müharibə müsəlman və kafir qüvvələrin balansını müsəlmanların xeyrinə dəyişmiş, bu müharibədə əldə edilən qələbə gələcəkdə qazanılacaq böyük qələbələr üçün giriş rolunu oynamışdır. Əslində bu müharibədə düşmənlərin beli sınmış, bundan sonra onlar heç bir mühüm iş görə bilməmişdilər. Əhzab döyüşü, adından da göründüyü kimi, İslam düşmənləri və bu dinin çiçəklənməsi ilə qeyri-qanuni maraqları təhlükəyə məruz qalan qrupların İslama qarşı koalisiyası idi. İlk döyüş qığılcımını Məkkəyə gələrək, Qüreyş tayfasını Peyğəmbərə (s)  qarşı müharibəyə qalxmağa təhrik edən, son nəfəslərinə qədər onların yanında olacaqlarını söz verən Bəni-Nəzir yəhudiləri alovlandırmışdı. Yəhudilər Qüreyş qəbiləsindən sonra Ğətfan qəbiləsinə gedərək onları da müharibə etməyə razı salmışdılar. Qüreyş və Ğətfan qəbilələri isə öz müttəfiqlərini, o cümlədən Bəni-Əsəd və Bəni-Səlim qəbilələrini də müharibəyə çağırmışdılar. Qəbilələr özlərinə qarşı təhlükə hiss etdikləri üçün İslam dininin kökünü yer üzündən birdəfəlik kəsmək üçün birləşdilər. Müsəlmanlar Peyğəmbərin (s) göstərişi ilə müzakirə aparırlar. Salman Farsinin təklifi ilə Mədinənin ətrafına xəndək qazırlar. Bu səbəbdən də sözügedən müharibə həm də “Xəndək” müharibəsi adlanır. Bu döyüş zamanı Peyğəmbər (s) çox çətin anlar yaşayır, canlar ağıza gəlir. İslam qoşunlarında olan münafiqlər daha canfəşanlıq edirlər. Düşmən ordusunun böyüklüyü və müsəlmanların azlığı (10 min nəfərə qarşı 3 min nəfər), düşmənlərin döyüş hazırlığı və silah-sursat ehtiyatı müsəlmanlarda gələcəklə bağlı qorxu yaratmışdı. Ancaq Allah bu döyüşdə küfrün başına sonuncu zərbə endirilməsini, münafiqlərin müsəlman sıralarından ayrılmasını və hiyləgərlərin ifşa olmasını, həqiqi müsəlmanların sınanmasını istəyirdi. Nəhayət, bu döyüş Allahın lütf və köməyi sayəsində müsəlmanların qələbəsi ilə başa çatır. Allahın əmri ilə tufan qoparaq kafirlərin çadırlarını dağıdır, düşərgələrini darmadağın edir, həyatlarını iflic vəziyyətinə salır, digər tərəfdən, görünməz mələk ordusu da müsəlmanlara yardım göstərir. Döyüş zamanı müsəlmanların göstərdiyi heyrətamiz qəhrəmanlıqlar, o cümlədən, möminlərin əmiri İmam Əlinin (ə) heç kəsin təkbətək döyüşə cürət etmədiyi Əmr ibn Əbdivudlə döyüşü və onu məğlub etməsi də bu döyüşün müsəlmanların xeyrinə qələbə ilə bitməsində mühüm rol oynayır. Müşriklər heç bir iş görmədən döyüş meydanını tərk edib qaçırlar. Müharibədən sonra bu yeddi ayə nazil olur, öz ifşaedici təhlilləri ilə münafiqlərin iç üzünü açır və müsəlmanların qalibiyyət səbəblərini göstərir. Maraqlıdır ki, xəndək qazdıqları vaxt müsəlmanlar ciddi həyəcan keçirdikləri və İslamın yer üzündən silinəcəyindən qorxduqları halda, Peyğəmbər (s) İran, Rum və Yəmənin müsəlmanlar tərəfindən fəth ediləcəyini xəbər verir. Məhz bu səbəbdən münafiqlər Peyğəmbəri (s) yalan vədlər verməkdə ittiham edirlər. 12-ci ayədə məhz bu məsələyə işarə edilmişdir. Ancaq Peyğəmbərin (s) ilahi aləmlərə açılan gözləri İran, Rum və Yəmən hökmdarlarının saraylarının qapılarının açıldığını görməyə, müsəlmanlara müjdə verməyə və gələcək sirlər üzərindən pərdə götürməyə imkan verirdi.[6]   De: “Əgər ölməkdən və ya öldürülməkdən qaçsanız, o, sizə bir xeyir gətirməz. Belə olduğu təqdirdə sizin həyatdan yalnız cüzi faydanız olacaq.” De: “Əgər Allah sizə bir pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər və ya sizə yaxşılıq etmək istəsə, kim Onun istəyinə mane ola bilər?” Onlar özlərinə Allahdan başqa nə bir himayəçi, nə də bir yardımçı tapa bilərlər. Allah camaatı müharibədən çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun! (və döyüşdən əl çəkin)” – deyənləri tanıyır. Onlar yalnız nadir hallarda döyüşə qatılırlar. Onlar hər şeydə sizin paxıllığınızı çəkirlər. Qorxu yarandığında görürsən, sənə elə baxır və gözləri elə bərəlir ki, sanki canlarını tapşırırlar. Qorxu keçib getdikdə isə mala hərislik və xəsislik edib səni qəzəb yağan kobud və acı dilləri ilə sancırlar. Onlar iman gətirməyiblər. Buna görə də Allah onların əməllərini puç etmişdir. Bu, Allah üçün asandır. Onlar müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər qayıtsalar, onlar bədəvilər arasına yayılıb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərlər. Əgər aranızda olsalar, yalnız az bir hissəsi döyüşər. Allahın elçisinin həyatı sizə – Allahın rəhmətinə və axirət gününə ümidi olanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. Möminlər müttəfiqlərin qoşunlarını gördükdə dedilər: “Bu, Allahın və Onun elçisinin bizə olan vədidir. Allah və elçisi düz deyiblər!” Bu onların yalnız imanını və itaətini artırdı. ————————————————————————————- Mane olmağa çalışan dəstə: Bu ayədə iki qruplaşmadan danışıldığı ehtimal edilə bilər: 1. Müsəlmanlar arasında yer almış münafiqlər. Ayənin orijinalında işlədilmiş “minkum” (sizdən) ifadəsi onların imanları zəif olan müsəlmanları döyüşdən yayındırmağa çalışdıqlarını göstərir. 2. Döyüş meydanından kənar olan, Peyğəmbərin (s) əsgərlərini gördükdə “bizə qoşulun və döyüşdən əl çəkin” deyən münafiqlər və yəhudilər. Başqa bir ehtimal da var ki, bu ayə bir zümrənin iki vəziyyətini bəyan edir. Ayədə müsəlmanların arasında olanda onları döyüşməkdən yayındırmağa çalışan, döyüş meydanından kənarda olduqda isə digərlərini də onlara qoşulmağa çağıran bir qrup haqqında nazil olmuşdur. Hədislərin birində qeyd edilir ki, Peyğəmbərin (s) səhabələrindən biri ehtiyacını təmin etmək üçün şəhər kənarına gedir. Bu zaman qardaşının qarşısına çörək, qızardılmış toyuq və şərab qoyub içdiyini görür. Ona deyir: “Sən burada kefdə-damaqdasan, Allahın elçisi qılınclar və nizələr arasında döyüşməkdədir.” O isə belə deyir: “Ay əbləh, sən də gəl, bizimlə otur, kefini çək. Mühəmmədin and içdiyi Allah bu meydandan əsla qayıtmayacaq.” Həmin səhabə deyir: “Yalan danışırsan. And olsun Allaha! Gedib dediklərini Peyğəmbərə (s) çatdıracağam”. Səhabə Peyğəmbərin (s) yanına gəldikdən sonra əhvalatı ona danışır və sözü gedən ayə nazil olur.[7] Müsəlmanlar üçün gözəl nümunə: Peyğəmbərlərin insanların arasından seçilməsinin səbəbi onların insanlara əməli nümunə ola bilməsi ilə bağlıdır. Çünki peyğəmbərlərin təbliğat və dəvətlərinin ən mühüm hissəsini onların əməli çağırışları təşkil edir. Buna görə də İslam alimləri məsumluğu peyğəmbərliyin qəti şərti hesab edirlər. Bu iddianın dəlillərindən biri də məhz olanların mütləq nümunə olmasıdır. Doğrudan da əgər peyğəmbərlər həyatımızın iman və təvəkkül, ixlas və şücaət, nizam-intizam və təmizlik, dindarlıq və təqva nümunəsi olsalar, həyat proqramlarımız tamamilə dəyişər, həyatımız başdan-başa nura boyanar. Quranda bu nümunənin yalnız Allaha və dirilişə ümidi olanlara və Allahı çox-çox xatırlayanlara aid olduğu qeyd edilmişdir. Əsl həqiqətdə yaradılışın əvvəli və məada inam, bu hərəkətin motivasiyası, Allahı xatırlamaq isə onun davamlılıq səbəbidir. Şübhəsiz ki, qəlbi bu cür imanla dolu olmayanlar Peyğəmbərin (s) addımının izləri ilə addımlaya, davamlı olaraq Allahı xatırlamadıqca və Şeytanı özündən uzaqlaşdırmadıqca, Peyğəmbərin (s) nümunəvi həyatını davam etdirə bilməzlər.[8] Allah və peyğəmbərinin möminlərə vədi: Bəziləri hesab edir ki, burada “vəd” deyilərkən Peyğəmbərin (s) öncədən ayrı-ayrı qrupların müsəlmanlara qarşı birləşəcəkləri nəzərdə tutulmuşdur. Buna görə də onlar koalisiya qoşunlarını gördükdə bunun Peyğəmbər (s) tərəfindən öncədən verilmiş xəbər olduğunu başa düşdülər. Bəziləri hesab edir ki, bu vəd Allah-taalanın “Bəqərə” surəsinin 214-cü ayəsində buyurduğu ayədir: “Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi:) Bilin ki, Allahın köməyi yaxındır.” Müsəlmanlar bunu daha öncə də eşitmişdilər və bilirdilər ki, əvvəlki peyğəmbər və möminlərin qarşılaşacağı müsibətlərlə qarşılaşacaq, iztirab və qorxu keçirəcəklər. Koalisiya qoşunlarını gördükdə bu hadisənin həmin vəd olunan hadisə olduğunu, tezliklə Allahın onlara yardım edəcəyini və düşmən üzərində qələbə çalacaqlarını başa düşdülər. Əslində, ayədə hər iki mövzu nəzərdə tutula bilər. Çünki ayədə vəd həm Allaha, həm də Peyğəmbərə (s) aid edilmişdir. Yəni möminlər koalisiya qoşunlarını gördükdə həm Allahın, həm də Peyğəmbərin (s) verdiyi vədi xatırladılar. Bu məsələlərdən biri Allahın, digəri isə Peyğəmbərin (s) verdiyi vədi ifadə edir.[9]   Möminlərin arasında Allahla bağladıları əhd-peymana sadiq qalan kişilər vardır. Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir. Onlar öz əhdlərini əsla dəyişdirməyiblər. Bu ona görədir ki, Allah doğru danışanları sədaqətlərinə görə mükafatlandırsın, münafiqlərə də ya istəsə, əzab versin, ya da onların tövbələrini qəbul etsin. Çünki Allah bağışlayandır, rəhmlidir. Allah kafirləri ürəkləri qəzəblə dolu halda heç bir nəticə hasil etmədən geri qaytardı. Allah möminləri döyüşdən ehtiyacsız etdi (və onlara qələbə nəsib etdi). Allah yenilməz güc və qüvvət sahibidir. Allah kitab əhlindən (yəhudilərdən) onlara (müşriklərə) yardım edənləri möhkəm qalalarından endirdi və qəlblərinə qorxu saldı. (Elə bir vəziyyətə düşmüşdülər ki,) siz onların bir qismini öldürür, bir qismini də əsir götürürdünüz. (Allah) onların yerlərini, yurdlarını, mallarını, üstəlik, ayağınız dəyməyən bir yeri də ixtiyarınıza verdi. Allah hər şeyə qadirdir. Ey Peyğəmbər! Zövcələrinə de: “Əgər siz dünya həyatını və onun bər-bəzəyini istəyirsinizsə, gəlin sizi bir hədiyyə ilə məmnun edib gözəl tərzdə sərbəst buraxım. Yox, əgər Allahı, Onun elçisini və axirət yurdunu istəyirsinizsə, (bilin ki), Allah aranızdan yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır”. Ey Peyğəmbərin zövcələri! Sizlərdən hər kim açıq-aşkar günah və çirkin bir iş tutsa, onun əzabı ikiqat artar. Bu, Allah üçün asandır. —————————————————————————————- Şəhidlər və gözləyənlər: Bu ayədə hansı insanlar haqqında danışılması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. İmam Əli (ə) buyurmuşdur: “Möminlərdən bəziləri var …” ayəsi bizim haqqımızda nazil olub. Şəhadəti gözləyən şəxs mənəm. (Daha öncə şəhidlik şərbətini içmiş şəhidlər ağası Həmzə kimi kişilərin bizdən olduğunu bilirsiniz.). Mən də öz əhd-peymanımı əsla dəyişmədim.” Ümumiyyətlə, ayənin məzmunu genişdir. Bütün dövrləri, əsrləri əhatə edir, həm Allah yolunda döyüşüb şəhidlik şərbətini içmiş, həm də heç bir tərəddüd etmədən öz əhd-peymanına sadiq qalaraq cihad və şəhidliyə hazır olan bütün ixlaslı möminlərə şamil olur. Deyilənə görə, İmam Hüseynin (ə) Kərbəlada olan silahdaşları meydana yollanmaq istədikdə İmamla (ə) vidalaşarkən o həzrətə: “Salam olsun sənə, ey Peyğəmbərin (s) oğlu!” – deyərmişlər. İmam isə onlara: “Salam olsun sizə, biz də sizin arxanızca gəlirik”, – deyər və sonra bu ayəni buyurarmış: “Onlardan bəzisi əhdini yerinə yetirmiş (və şəhid olmuş), bəzisi də gözləyir.” Deyilənə görə İmam Hüseyn (ə) bəzi şəhidlərin şəhid olması xəbərini eşitdikdə bu ayəni oxuyarmış.[10] 28-29. Peyğəmbərin (s) zövcəsi olmaq, yoxsa dünyanın bər-bəzəyini seçmək: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bir-birindən fərqlənməyən müxtəlif fikirlər qeyd etmişlər. Naziolma səbəblərindən məlum olur ki, Peyğəmbərin (s) zövcələri bir neçə döyüşdən əldə edilən külli miqdarda qənimətləri gördükdən sonra Peyğəmbərdən (s) çox şeylər istəməyə başlayırlar. Peyğəmbər (s) bu istəklərin yerinə yetirələcəyinin peyğəmbər ailəsi üçün acı nəticələr verəcəyini bildiyi üçün onların istəklərini yerinə yetirməkdən imtina edir və bir ay onlara yaxın getmir. Nəhayət, bu ayələr nazil olur və möminlərin zövcələrinə nümunə olmalı olan Peyğəmbər (s) zövcələrinin vəzifələrini müəyyənləşdirir. Onlara göstəriş verilir ki, Peyğəmbərin (s) zövcələri dünyanın bər-bəzəyinə qarşı etinasız olmalı, iman, saleh əməl və mənəviyyata diqqət ayırmalıdırlar. Bu göstərişlərə riayət etdikləri təqdirdə Peyğəmbərlə (s) yaşamağa və Peyğəmbərin (s) həyat yoldaşı olmağa davam edə bilərlər, əks təqdirdə, ondan ayrılmalıdırlar. Ayələrin xitab obyekti Peyğəmbərin (s) zövcələri olsa da, onların məzmunu və nəticəsi əslində, hər kəsə, xüsusilə rəhbərlik və öndərlik vəzifəsində olanlara şamil olur. Onlar hər zaman iki seçimlə qarşı-qarşıyadırlar; öz zahiri mövqe və vəzifələrindən sərvətə nail olmaq üçün istifadə etsinlər, ya da Allahın razılığını qazanmaq və insanların doğru yola yönəlməsi üçün məhrumiyyətləri qəbul etsinlər.[11] 30-31. İkiqat savab və cəza: Bu ayələrdə Peyğəmbərin (s) zövcələrinə xitab edilərək onların Allaha itaət edəcəkləri təqdirdə ikiqat savaba, aşkar günah etdikləri təqdirdə ikiqat cəzaya layiq görüləcəkləri buyurulsa da, əslində, ümumi məzmun daşıyır. Yəni o, ictimai mövqeyi və vəzifəsi olan hər bir şəxsin ailəsinə şamil olur. Çünki bu cür şəxslər təkcə özləri ilə məhdudlaşmırlar, onların iki yönü olur: yönlərindən biri özlərinə, digəri isə cəmiyyətə aid olur. Onların həyat proqramları cəmiyyəti haqq yola yönəldə və ya haqq yoldan sapdıra bilər. Buna görə də davranışlarının fərdi və ictimai olmaqla iki təsiri var. Bu yönlərin də hər birinin ayrı-ayrılıqda öz  mükafat və cəzası var. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Alimin bir günahı bağışlanınca cahilin yetmiş günahı bağışlanar.” Bundan əlavə, elmin və məlumatın qədər və ölçüsü ilə mükafat və cəza arasında sıx əlaqə var. İmam Baqir (ə)  buyurmuşdur: “Allah-taala Qiyamət günü bəndələrinin sorğu-sualına dünyada onlara verdiyi ağlın ölçüsünə əsasən nəzər salıb, sorğu-sual edəcək.” Bəzi hədislərdə mükafatın insanın dərk və məlumatı ölçüsündə veriləcəyi qeyd edilmişdir.[12]   Sizlərdən hər kim Allah və Onun elçisi qarşısında itaət və təvazökarlıq göstərib yaxşı işlər görsə, ona mükafatını ikiqat verərik. Biz onun üçün çox qiymətli ruzi hazırlamışıq. Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir adi qadın kimi deyilsiniz, (əlbəttə) əgər təqvalı olsanız. Əda, işvə və nazla danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. Layiqli tərzdə danışın. Evlərinizdə qalın! İlk Cahiliyyət dövründə olduğu kimi görünməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Allah günah və çirkinliyi yalnız siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir. Evlərinizdə oxunan Allah ayələrini, elm və hikməti yada salın. Allah lütfkardır, xəbərdardır. Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, Allahın fərmanına itaət edən kişilər və qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbirli kişilər və səbirli qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox yad edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır. ————————————————————————————— “Təthir” (təmizləmə) ayəsi: Allah-taala ayənin əvvəlində Peyğəmbərin (s) zövcələrinə xitab edir, onlara evlərində oturmaq, camaat arasına İslamdan əvvəlki Cahiliyyət dövründə olduğu kimi çıxmamaq, iffətli olmaq, namaz qılmaq, zəkat vermək, Allaha və elçisinə itaət etmək göstərişi verir. Ayənin bu hissəsində işlədilmiş altı bitişən əvəzliyin hamısı qadın cinsinin cəmindədir. Sonra ayənin ahəngi dəyişir və Allah belə buyurur: “Allah yalnız siz Əhli-beytdən günah və çirkinliyi uzaqlaşdırmaq və sizi tamamilə tərtəmiz etmək istəyir.” Ayənin bu hissəsində iki cəm əvəzliyi işlənmiş, ikisi də kişi cinsindədir. Doğrudur ki, ayənin əvvəli ilə davamı eyni məzmunu ehtiva etməlidir. Ancaq bu qanun fərqli məzmunu ifadə edən faktlar olmadığı məqamlarda doğrudur. Buna görə də ayənin ikinci hissəsinin də Peyğəmbərin (s) zövcələrinə aid olduğunu iddia edənlər ayənin zahirinə və onda olan əlamətlərə, yəni əvəzlik fərqlərinə zidd söz deyiblər. Digər tərəfdən, İslamın həm sünni, həm də şiə təriqətinə mənsub olan böyük alimləri bu ayə ilə bağlı çoxlu sayda hədis olduğunu yekdilliklə təsdiq etmişlər. Hər iki məzhəbin mötəbər kitablarında yer almış bu hədislərin sayı həddən artıq çoxdur. Həmin hədislərdə bu ayənin xitab obyektinin, Peyğəmbərin (s) zövcələri deyil, Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn (Allahın salavat və salamı olsun onlara!) olduğu qeyd edilmişdir. Ayənin orijinalındakı “yurid” (iradə edir, istəyir) feli Allahın obyektiv iradəsini ifadə edir. Yəni Allah-taala əzəli fərmanı ilə siz Əhl-beyti bütün çirkinliklərdən uzaq tutmaq istəmişdir. Burada istək subyektiv deyil, obyektivdir. Çünki subyektiv istək deyilərkən Allahın onları pak və təmiz olmaq vəzifəsi ilə vəzifələndirdiyi başa düşülür. Halbuki bu vəzifənin təkcə Peyğəmbər (s) ailəsinə deyil, hər müsəlmana aid olduğunu bilirik. Belə ki, bütün müsəlmanlar Allah qarşısında özlərini təmiz saxlamaq öhdəliyi daşıyırlar. Burada obyektiv istəyin bir növ məcburiyyət yaratması təsəvvürü ortaya çıxa bilər. Belə olan təqdirdə, məsum olmağın heç bir üstünlüyü və dəyəri olmayacaq. Bu fikrə cavab olaraq deməliyik ki, məsumlar iki növ potensiala malikdirlər – zati, natural və bəxş edilən; əməllər və natural potensial əsasında formalaşan potensial. Ən azı biri ixtiyari olan bu iki potensialın məcmusundan həmin yüksək məqam hasil olur. Başqa sözlə desək, Allahın istəyi bu yüksək məqama nail olmaq üçün zəmin yaradır, bu zəmindən istifadə etmək isə artıq onların öz istək və iradəsindən asılıdır. Günahı tərk etmək və ya günah etməmək onlar üçün əqli deyil, praktiki olaraq mümkünsüzdür. Məsələn, praktiki mümkünsüzlüyə məlumatlı və imanlı bir adamın məscidə özü ilə şərab aparıb camaat namazının birinci sırasında durub içməsini misal göstərə bilərik. Ancaq bu davranış əqli olaraq mümkündür və bu davranışın ixtiyari olması ilə heç bir təzad təşkil etmir. Peyğəmbər və imamların günah etməməsi də belədir. Məsum olmaq ilahi yardımlar sayəsində olsa da, bu yardımlar özləri də hesab-kitabsız deyil. Belə ki, Quranda İbrahim Xəlilin (ə) Allahın mühüm sınaqlarından keçmədən yüksək imam və rəhbərlik məqamına layiq görülmədiyi buyurulmuşdur (Bəqərə-124). “Rics” ərəb dilində insan təbiəti baxımından və ya ağıl və şəriətin hökmü ilə nifrət edilən və çirkin sayılan istənilən çirkinliyə deyilir. İmamların bəzi kəlamlarında “rics”in günah, şirk, batil inanc, paxıllıq və həsəd mənasında işlədilməsi bu sözün daha geniş mənada götürüldüyünü göstərir. “Təthir” sözünün “təmizləmək” və “pak etmək” mənasını daşıdğını nəzərə alsaq, “sizi tərtəmiz etmək istəyir” cümləsinin əvvəlki cümlədə qeyd edilmiş “çirkinliyi sizdən uzaqlaşdırmaq istəyir” məzmununu gücləndirdirməyə xidmət etdiyini deyə bilərik. Ümumiyyətlə, Allah-taala burada təkidlə pak beşliyi (ə) istənilən çirkinlikdən təmizləmək istədiyini buyurur.[13]       Allah və Onun elçisi hər hansı işi lazım bildiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməz. Allaha və Onun elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür. Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (oğul çağırdığın Zeydə): “Zövcəni saxla, Allahdan qorx!” – deyirdin (və bunu dəfələrlə təkrar edirdin). Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman möminlərin onları almasında heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq, yerinə yetəcəkdir. Allahın Peyğəmbərə vacib buyurduğu heç bir şeydə ona maneə yoxdur. Daha öncə olanlar haqqında da Allahın qayda-qanunu belə idi. Allahın əmri dəqiq bir hesab və proqram üzrədir. Onlar Allahın tapşırıqlarını təbliğ edir, Ondan qorxur və Allahdan başqa heç kəsdən qorxmurdular. Allahın haqq-hesab çəkməsi kifayətdir. Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir. Lakin o, Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. Ey iman gətirənlər! Allahı çox-çox xatırlayın! Səhər-axşam Onun şəninə təriflər deyin! Sizi zülmətlərdən (cəhalət və şirk zülmətlərindən) nura (iman, elm və təqva nuruna) çıxartmaq üçün sizə salam və rəhmət göndərən Odur. Onun mələkləri də (sizin üçün rəhmət diləyərlər). O, möminlərə qarşı hər zaman mehriban olmuşdur. ————————————————————————————– Ənənəni pozmaq üçün evlənmək: Bu ayə Peyğəmbərin (s) bibisi qızı Zeynəb bint Cəhş ilə Peyğəmbərin (s) azad etdiyi Zeyd ibn Harisənin evliliyi haqqında nazil olmuşdur. Besətdən əvvəl və Xədicə ilə ailə qurduqdan sonra Xədicə Zeyd adlı bir qul alır, sonralar onu Peyğəmbərə (s) hədiyyə edir. Peyğəmbər (s) isə onu azad edir. Tayfası Zeydi qəbul etmədiyi üçün Peyğəmbər (s) onu oğulluğa götürür. Peyğəmbər (s) ona bibisi qızı Zeynəbi almaq qərarına gəlir. Zeynəb əvvəl elə bilir ki, Peyğəmbər (s) onu özünə almaq istəyir. Buna görə də sevinclə razılıq verir. Ancaq sonradan Peyğəmbərin (s) özü üçün deyil, Zeydə görə elçi düşdüyünü başa düşdükdə narahat olur və Zeydlə ailə qurmaqdan imtina edir. Qardaşı Abdullah da bu izdivaca razı olmur. Bu zaman 36-cı ayə nazil olur, Zeynəb və Abdullah kimilərə xəbərdarlıq edilir ki, Allah və peyğəmbəri nəyisə lazım bildiyində kiminsə etiraz etməyə ixtiyarı yoxdur. (Çünki Allah və peyğəmbəri insanlara nəyin daha xeyirli olduğunu onların özlərindən yaxşı bilirlər). Zeynəb və qardaşı bu ayəni eşitdikdən sonra Allahın fərmanına itaət göstərirlər. Ancaq bu evlilik uzun sürmür, tərəflərin yola getməməsi onların boşanması ilə nəticələnir. Peyğəmbər (s) onların ayrılmaması üçün nə qədər səy göstərirsə, xeyri olmur. Boşanma baş verir. Sonra Zeynəbin bu ailə uğursuzluğunu aradan qaldırmaq üçün Allahın əmri ilə Peyğəmbər (s) onunla ailə qurur. Ancaq izdivacdan əvvəl Peyğəmbəri (s) iki məsələ narahat edirdi: Birincisi, Zeyd onun oğulluğu idi. Cahiliyyət dövrünün ənənələrinə görə, oğulluğa götürülmüş adam eynilə doğma oğul kimi sayılırdı. Buna görə də oğulluğa götürülmüş adamın boşadığı qadınla ailə qurmaq haram iş sayılırdı. İkincisi, Peyğəmbərin (s) azad etdiyi bir qulun boşadığı qadınla ailə qurması onun məqam və mövqeyinə uyğun davranış sayılmırdı. Ancaq Allahın əmrinə boyun əyərək böyük fədakarlıq nümayiş etdirən Peyğəmbər (s) bu cahil ənənəyə son qoyur.[14] Xatəmiyyət: Bu ayə Cahiliyyət dövrünə aid olan yanlış bir ənənəyə son qoymaq üçün Peyğəmbərin (s) Zeynəb bint Cəhş ilə evlənməsindən bəhs edən sonuncu ayədir. Öncə belə buyurulur: İstər Zeyd olsun, istərsə də başqası, “Mühəmməd aranızdakı kişilərdən heç birinin atası olmayıb və deyildir.” Bir zamanlar əgər Zeydə “Mühəmmədin oğlu” deyiliridisə, bu, təbii və qohumluq əlaqəsi deyil, İslamın və Quranın hökmü ilə ortadan qaldırılmış bir adət və ənənədən irəli gəlirdi. Əlbəttə, Peyğəmbərin (s) Qasim, Təyyib, Tahir və İbrahim adlı oğlanları olmuşdur. Ancaq tarixi mənbələrin yazdığına görə, onların hamısı yetkinlik yaşına çatmamış dünyalarını dəyişmişdilər. Sonra Allah peyğəmbərlə insanların əlaqələrinin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslandığını buyurur. Ayənin əvvəlində qohumluq əlaqəsi tamamilə inkar edilir, ardınca isə əlaqənin peyğəmbərlik və xatəmiyyət prinsipinə əsaslanan mənəvi əlaqə olduğu isbat edilir. Ayənin çatdırmaq istədiyi başqa bir həqiqət Peyğəmbərin (s) insanlara olan sevgisinin bir ata sevgisindən daha üstün olmasıdır. Onun ümmətə olan sevgisi bir peyğəmbərin öz ümmətinə olan sevgisidir. Xüsusilə də o, özündən sonra heç bir peyğəmbər gəlməyəcəyini bilirdi. Buna görə də onlar üçün Qiyamətə qədər lazım olacaq proqramı yüksək sevgi və şəfqətlə təqdim etməli idi. “Xatəm” sonluğa deyilir. Bu ayə peyğəmbərlik missiyasının İslam peyğəmbəri ilə başa çatdığını və ondan sonra heç bir peyğəmbər gəlməyəcəyini göstərir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənim digər peyğəmbərlərlə olan müqayisəmi bir misalla belə izah edə bilərəm: Bir kişi gözəl bir ev tikir. Camaat evin ətrafına toplaşıb “bundan gözəl bina yoxdur. Yalnız bir kərpici çatmır”, – deyirlər. Bax həmin boş yeri dolduran sonuncu kərpic mənəm.”[15]   Onunla görüşəcəkləri gün xeyir-duaları “salam” olacaqdır. (Allah) onlara çox qiymətli mükafat hazırlamışdır. Ey Peyğəmbər! Biz səni şahid, müjdəçi və qorxudan göndərdik. Həm də Allahın fərmanı ilə Ona tərəf çağıran və nur saçan bir çıraq (göndərdik). Möminlərə müjdə ver ki, onlara Allah tərəfindən böyük bir lütf nəsib olacaqdır. Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın himayəçi və müdafiəçi olması kifayətdir. Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da onlara toxunmazdan əvvəl talaqlarını versəniz, artıq onlar üçün gözləmə müddətini saymağa haqqınız yoxdur. Onları münasib bir hədiyyə ilə razı salın və gözəl tərzdə sərbəst buraxın. Ey Peyğəmbər! Mehriyyələrini verdiyin zövcələrini, Allahın sənə qənimətlər vasitəsilə bəxş etdiklərindən sahib olduğun cariyələri, səninlə birlikdə hicrət etmiş əmin qızlarını, bibilərinin qızlarını, dayın qızlarını, xalalarının qızlarını, habelə Peyğəmbər evlənmək istədiyi təqdirdə özünü (heç bir mehriyyə istəmədən) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını sənə halal etdik. Ancaq bu cür (sonuncu) izdivac digər möminlərə deyil, yalnız sənə məxsusdur. Onlara zövcələri və sahib olduqları cariyələr barəsində hansı hökmü vacib buyurduğumuzu bilirik. Bu, ona görədir ki, sənə (peyğəmbərlik vəzifəsini yerinə yetirərkən) bir çətinlik olmasın. Allah bağışlayandır, rəhmlidir. ————————————————————————————- Özlərini Peyğəmbərə (s) bağışlamış möminə xanımlar: Şübhəsiz ki, “mehriyyə vermədən izdivac etmək” icazəsi Peyğəmbərə xas olan xüsusiyyətlərdən idi. Ayədə bu məsələ açıq şəkildə buyurulmuşdur. Buna görə də İslam fiqhinin açıq hökmlərindəndir. Ayədə verilən ümumi hökmün real həyatda nümunəsinin olub-olmaması təfsirçilərin mübahisə mövzularındandır. Ayədə qeyd edilən hökmün real həyatda həqiqətən baş verməsi tarixi cəhətdən məlum deyil. Ancaq Allahın Peyğəmbərə (s) belə bir icazə verməsi bu ayə ilə dəqiqdir.[16] Peyğəmbərin (s) zövcələrinin çox olmasının bie neçə səbəbi: Ayədəki “bu ona görədir ki, sənə bir çətinlik olmasın” cümləsi ilə Peyğəmbərə (s) xas olan hökmlərin fəlsəfəsinə işarə edilmişdir. Allah bu ayə ilə demək istəyir ki, Peyğəmbərə (s) xas olan şərtlər başqaları üçün keçərli deyil. Məhz bu fərqlilik hökmlərdə fərqlilik yaranmasına səbəb olur. Daha aydın dillə desək, bu hökm fərqliliyi Peyğəmbəri (s) məhdudiyyət və çətinliklərdən xilas etmək məqsədi daşıyır. Bu incə nüans Peyğəmbərin (s) ayrı-ayrı xanımlarla ailə qurmasının bir sıra ictimai və siyasi problemləri həll etmək məqsədi daşıdığından xəbər verir. Bilirik ki, Peyğəmbər (s) İslam dininə çağırış etməyə başlayanda tək idi, uzun müddət az sayda adam istisna olmaqla ona iman gətirən olmamışdı. O, dövrünün və yaşadığı mühitin bütün xurafat inanclarına qarşı çıxmışdı. Təbii ki, bu da bütün qəbilə və tayfaların ona qarşı səfərbər olmasına səbəb olmuşdur. Buna görə də Peyğəmbər (s) düşmənlərin bu xoşagəlməz ittifaqını darmadağın etməkdən ötrü bütün vasitələrdən istifadə etməli idi. Bu vasitələrdən biri evlilik vasitəsilə qohumluq əlaqələri yaratmaq idi. Çünki qohumluq münasibətləri Cahiliyyət dövrünün ən möhkəm bağlarından hesab edilirdi. Onlar qəbilənin kürəkənini özlərindən hesab edir, daim onu müdafiə edir, onu yalqız qoymağı günah sayırdılar. Əldə olan çoxlu sayda faktlar Peyğəmbərin (s) izdivaclarının həm də siyasi səciyyə daşıdığından xəbər verir. İzdivacların bəzisi xurafat ənənələrin darmadağın edilməsinə xidmtə edirdi. Bəzisi düşmənləri azaltmaq və dostları artırmaq, inadkar və təəssübkeş insanların və qəbilələrin məhəbbətini qazanmaq məqsədi daşıyırdı. Bildiyimiz kimi, o, gəncliyinin ən qiymətli vaxtı hesab edilən 25 yaşında dul bir qadınla (Xədicə ilə) ailə qurmuşdu. 52 yaşına qədər həmin qadınla yaşamışdır. Bu şəkildə gənclik dövrünu arxada qoyub, ömrünün son on ilində bir çox izdivaclara imza atmışdır. Deməli, bu davranışın, mütləq, heç bir cinsi istəklə əlaqəsi olmayan əsaslı səbəbləri olmalıdır. Ümumiyyətlə, o dövrün insanları arasında çoxarvadlılıq sadə və normal bir davranış sayılırdı, hətta bəzən elə olurdu ki, birinci zövcə ikinci zövcənin elçiliyini edirdi, heç kəs də buna qeyri-adi yanaşmırdı. Deməli, gənc yaşlarında Peyğəmbərin (s) bir neçə arvad almasına heç bir ictimai məhdudiyyət və ağır maliyyə şəraiti mane olmur. Digər tərəfdən, buna mane olacaq heç bir fiziki qüsuru da olmamışdır. Diqqət çəkən məqəm budur ki, tarixi mənbələrdə Peyğəmbərin (s) zövcələri arasında yalnız birinin (Aişə xanımın) bakirə və ailə qurarkən yaşının az olması qeyd edilmişdir. Bəzi tarixi mənbələrin yazdığına görə, Peyğəmbərin (s) bəzi xanımlarla izdivacı təkcə rəsmi xarakter daşımış, heç bir faktiki evlilik baş verməmişdir. Bəzən münasibətlər elçilik həddindən o tərəfə keçməmişdir. Yəni Peyğəmbər (s) yalnız elçilik etmişdir. Bu davranışı tayfa üçün fəxr səbəbi hesab edilmişdir. Bu şəkildə Peyğəmbər (s) tayfa və qəbilələrlə olan münasibətlərini möhkəmləndirmiş və onlar Peyğəmbərin (s) müdafiəsində daha qərarlı olmuşlar. Bundan başqa Peyğəmbərin (s) zövcələrinin sayının çox olmasına baxmayaraq, uşaqlarının sayı az olmuşdur. Bu da Peyğəmbərin (s) evlilikdən daha ali məqsədlər güddüyünü göstərir.[17]       Həyat yoldaşlarından istədiyini təxirə sala, istədiyini də yanına ala bilərsən. Özün­­dən kənarlaşdırdıqlarından hansı birini yanına almaq istəsən, sənə heç bir günah olmaz. Bu, onların gözlərinə işıq gəlməsi (sevinmələri), kədərlənməmələri və sənin onlara verdiklərindən razı qalmaları üçün daha münasibdir. Allah qəlbinizdə olanları bilir. Allah biləndir, səibrlidir. Bundan sonra sənə başqa qadınla evlənmək, onları, gözəllikləri səni heyran etsə də, başqa qadınlara dəyişmək halal deyildir. Sahib olacağın cariyələr isə istisnadır. Allah hər şeyə nəzarət edəndir. Ey iman gətirənlər! Sizə yemək yeməyə icazə verilməyincə Peyğəmbərin evlərinə girməyin və (təyin edilmiş vaxtdan əvvəl gəlib) yeməyin hazırlanmasını da gözləməyin. Amma dəvət olunduğunuzda girin və yemək yedikdən sonra dağılışın, söz-söhbətə oturmayın. Çünki bu hərəkətiniz Peyğəmbəri narahat edir, amma o, sizdən utanır (və heç bir söz demir). Allah isə həqiqət(i söyləmək)dən utanmır. (Peyğəmbərin) zövcələrindən (məişət əşyalarından) bir şey istədikdə, pərdə arxasından istəyin. Bu, həm sizin qəlbinizin, həm də onların qəlbinin təmiz qalması üçün daha yaxşıdır. Allahın elçisini incitməyə haqqınız yoxdur. Ondan sonra həyat yoldaşları ilə də əsla evlənməyin ki, bu, Allah yanında böyük (günahdır). Sizin bir şeyi aşkara çıxarmanızdan və ya gizli saxlamanızdan asılı olmayaraq, Allah hər şeydən xəbədardır. ————————————————————————————- Başqa bir problemin həlli: Bilirik ki, İslamın çoxarvadlılıqla bağlı hökmlərindən biri ərin öz vaxtını onlar arasında ədalətli şəkildə bölməsidir. Bir gecə bir zövcəyə aid olduğu halda, digər gecə başqasına aiddir. Şərait fərqli və böhran vəziyyəti olduğu, xüsusilə Mədinədə olarkən hər ay demək olar ki, bir müharibənin baş verdiyi halda bu hüquqlara riayət etmək çətin idi. Allah-taala nəzər nöqtəsi olan ayəni göndərməklə bu hökmü Peyğəmbərin (s) üzərindən götürür. Onlar öz vaxtlarını istədikləri kimi tənzimləyə bilərdilər. Baxmayaraq ki, tarixi faktlar Peyğəmbərin (s) imkan daxilində ədalət və bərabərliyə riayət etdiyini təsdiq edir. Bu ayənin və ayənin ehtiva etdiyi hökmün nazil olması Peyğəmbərin (s) həyat yoldaşlarına və onların daxili həyatlarına rahatlıq bəxş edir.[18] Allah rəsulunun (s) izdivacına dair başqa bir hökm: Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Burada onlardan daha mühüm olan ikisini qeyd edirik: 1. Tarixi faktlar göstərir ki, müxtəlif tayfalar və fərdlər Peyğəmbərin (s) onlardan qız alması və belə bir iftixarı onlara da bəxş etməsi üçün Peyğəmbərə (s) çox təzyiqlər göstərirmişlər. Əlbəttə, bu əlaqənin müəyyən mənada Peyğəmbərin (s) ictimai-siyasi məqsədlərinə də xeyri var idi. Ancaq bir şey həddini aşdığında əlavə problemlər yaranır. Bütün qəbilələrin belə bir gözləntisi olduğu üçün Allah-taala qəti bir hökm göndərərək bu əmələ son qoyur. Həmin vaxtlar bəziləri Peyğəmbərə (s) deyirmişlər ki, sənin zövcələrinin çoxu dul və yaşlı arvadlardır. Sənə gözəl və gənc bir xanımla ailə qurmaq yaraşır. Allah diqqətləri məhz bu nöqtəyə yönəldərək, hətta gözəl olsalar belə, Peyğəmbərin (s) artıq izdivac etməsinə icazə vermədiyini buyurur.[19] 2. Bəzi hədislərdə bu ayədə “Nisa” surəsinin 23-cü ayəsində evlənilməsi qadağan olan qadınların nəzərdə tutulduğu qeyd edilmişdir. Bu təfsirə əsasən ayənin mənası belə olur: “Nisa” surəsinin 23-cü ayəsindən sonra məhrəmlərlə izdivac etmək haram, digər qadınlarla evlənmək isə halaldır. (Buradakı tərcümə birinci təfsirə əsaslanır).[20] Peyğəmbərin (s) hörmət və heysiyyətinin qorunması üçün göndərilmiş hökmlər: Bu ayədə əsasən, iki nüansa işarə edilmişdir: 1. Həm ərəblər, həm də bir çox xalqlarda belə bir adət var ki, hətta hansı məişət əşyasına və sairəyə ehtiyac duyulduğunda adətən qonşular bir-birinə müraciət edirlər. Peyğəmbərin (s) evi də bu adətdən istisna edilməmişdi. Ara-sıra Peyğəmbərin (s) də evinə gəlib həyat yoldaşlarından nə isə istəyirdilər. Təbii ki, nə qədər hicaba riayət etsələr də, Peyğəmbərin (s) həyat yoldaşlarının göz önünə çıxmaları elə də yaxşı hal sayılmırdı. Buna görə də Allah göstəriş verir ki, nə isə istədikdə pərdə və ya qapı arxasından istəsinlər. Burada “hicab” deyilərkən qadınların örtdükləri adi örtük deyil, Peyğəmbərin (s) həyat yoldaşlarına xas olan örtükdür. Əlbəttə, bu hökm başqa qadınlar haqqında nazil edilməmiş, onlar üçün hicaba riayət etmək yetərlidir. Ümumiyyətlə, İslam müsəlman qadınlarına pərdə arxasında oturmaq əmri verməmişdir. Müsəlman qadından tələb olunan yalnız İslam qaydalarına uyğun örtünməkdir. 2. Bəziləri Peyğəmbərdən (s) intiqam almaq və onu təhqir etmək üçün Peyğəmbərin (s) vəfatından sonra onun zövcələri ilə izdivac etmək, bununla da onun heysiyyətinə ləkə gətirmək qərarına gəlmişdilər. Əgər bu davranışa icazə verilsəydi, bəziləri Peyğəmbərin (s) zövcəsi ilə ailə həyatı qurduğunu bəhanə gətirərək ictimai mövqe iddiasına düşə, habelə Peyğəmbərin (s) evinin içindən və onun təlimatları ilə şəxsən tanış olduğunu iddia edib İslamı təhrif etmək xəyalına düşə və yaxud da münafiqlər bu fürsətdən istifadə edib Peyğəmbərin (s) əleyhinə, ona yaraşmayan sözlər uydurub onu hörmətdən salmağa çalışardılar. Buna görə də Peyğəmbərin (s) zövcələri özündən sonra müsəlmanlar arasında çox böyük hörmətə layiq görülmüş, həyatlarından çox razı qalmış, məhrumiyyətlərini bu qürurverici məqam qarşısında çox əhəmiyyətsiz bir şey saymışlar.[21]   Onlara (Peyğəmbərin (s) zövcələrinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, müsəlman qadınlar, sahib olduqları kölə və cariyələrin yanında (hicab geyməmələrində) heç bir günah yoxdur. Allahdan qorxun ki, Allah hər şeyə şahiddir. Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib, salam deyin və tam şəkildə itaət göstərin. Allahı və Onun elçisini incidənləri Allah həm bu dünyada, həm də axirətdə rəhmətindən uzaqlaşdırmış və onlara alçaldıcı bir əzab hazırlamışdır. Mömin kişiləri və mömin qadınları etmədikləri bir işdən ötrü incidənlər çiyinlərinə böhtan və aşkar bir günah yükü götürmüşlər. Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, çarşablarını özlərinə bürüsünlər. Bu onların tanınmaması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və Mədinədə yalan xəbərlər və əsassız şayiələr yayanlar əməllərindən əl çəkməsələr, səni onlara qarşı qaldırarıq. Sonra onlar bu şəhərdə sənin yanında yalnız qısa müddət qala bilərlər, hər tərəfdən qovularlar. Harada ələ keçsələr, yaxalanıb amansızcasına öldürülərlər. Bu, Allahın əvvəlki qövmlərlə bağlı qanunu idi. Sən Allahın qanununda heç bir dəyişiklik tapa bilməzsən. ————————————————————————————- Peyğəmbərə (s) salavat: Keçən ayələrdə Peyğəmbərə (s) hörmət edilməsi, heysiyyətinin qorunması, ona əziyyət verilməməsi haqqında danışıldıqdan sonra bu ayədə öncə Allah və mələklərin Peyğəmbərə (s) olan xüsusi sevgisi qeyd edilir, ardınca möminlərə buyurulur ki, Peyğəmbərin (s) dərəcəsi o qədər yüksəkdir ki, varlıq aləminin yaradıcısı olan Allah və Allahın əmri ilə kainatı idarə edən bütün mələklər ona salam göndərirlər. İndi ki belədir, siz də bu işə qoşulun. O, yaradılış aləminin qiymətli gövhəridir. Əgər Allahın lütfü ilə onunla görüşmək sizə nəsib olsa, qiymətini bilin, onun Allah və mələklərin yanındakı qiymət və dəyərini unutmayın. Sünni və şiə raviləri tərəfindən nəql edilən çoxlu sayda hədisdə Peyğəmbərə (s) salavat göndərilərkən “Ali Mühəmməd” ifadəsinin də salavata əlavə edilməsinin zəruriliyi açıq şəkildə qeyd edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Mənə yarımçıq salavat göndərməyin. Soruşdular: Yarımçıq salavat nədir? Buyurdu: təkcə “əllahummə səlli əla Muhəmməd” deyib davam etdirməmək. Əslində, belə deməlisiniz: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd”.[22] Hicab yaramazlar qarşısında qoruyucu vasitədir: Ayədə “tanınmasınlar” deyilərkən iki fikrin nəzərdə tutula biləcəyi qeyd edilmişdir: 1. O dövrdə kənizlərin başlarını və boyunlarını örtmədən küçəyə çıxmaları adi hal idi. Əxlaqi cəhətdən elə də yaxşı vəziyyətdə olmadıqları üçün bəzən avara gənclərin təcavüzlərinə məruz qalırdılar. Allah-taala bu ayədə azad qadınlara İslamın göstəriş verdiyi hicaba tam şəkildə riayət etməyi əmr verir. Məhz bununla onlar kənizlərdən fərqləndirilə və avara insanların əziyyətlərindən xilas ola bilərdilər. Əlbəttə, bu cümlə avara insanlara haqq qazandırmırdı. Əslində, məqsəd günahkarların bəhanələrinə son qoymaq idi. Ayənin məqsədlərindən biri də bu idi ki, bəzi müsəlman qadınlar hicab məsələsinə laqeyd yanaşır, hicaba laqeyd yanaşan məsuliyyətsiz qadınlar kimi, bədənlərinin bəzi hissələrini açıq qoyur, bu da əxlaqsız insanların diqqətinin cəlb edilməsinə səbəb olurdu. Ərəb dilində “cilbab” sözünün bir neçə mənası var. Ancaq daha çox yaylıqdan uzun, cadradan qısa örtüyə deyilir. “Yudninə” (yaxınlaşdırsınlar), yəni qadınlar bədənlərini tam qorumaq üçün örtüklərini özlərinə yaxın etsinlər, ona bürünsünlər. Örtükləri tez-tez yuxarı qalxıb bədənlərin görsənməsinə səbəb olacaq şəkildə sərbəst buraxmasınlar. Daha sadə və loru dildə desək, paltarlarına möhkəm sarılsınlar.[23] 60-61. Narahatlıq yaradan və şayiə yayanlara ciddi xəbərdarlıq: Ayənin məzmunundan belə başa düşülür ki, Mədinədə işləri-gücləri fitnə-fəsad törətmək olan üç qrup olmuşdur. Birinci qrup İslamı məhv etmək üçün çalışan münafiqlər idi. İkinci qrup xəstə qəlbli insanlar hesab edilən avara və əxlaqdan kəm insanlar idi. Üçüncü qrupa şayiə yayan, xüsusilə Peyğəmbər (s) müharibəyə yolandıqdan sonra şəhərdə qalanların ruhiyyəsini zəiflətməyə, Peyğəmbərin (s) və möminlərin məğlubiyyətə uğraması ilə bağlı yalan xəbərlər yayan şayiəçi insanlar aid idi. Burada qeyd edilən üç davranışın münafiqlərə aid olduğu da ehtimal edilə bilər. Bu fərqlər ayrı-ayrı qruplar deyil, bir qrupun üç ayrı xüsusiyyəti idi. Hər halda Allah buyurur ki, əgər onlar bu davranışlarını davam etdirsələr, onlara qarşı ümumi hucum əmri verəcək və möminlər bir hücumla onları şəhərə bir daha geri dönməyəcəkləri şəkildə Mədinədən qovacaqlar. Əgər şəhərdə qalanları olsa, İslamın himayəsindən çıxmış olacaqlar və müsəlmanların əlindən yaxa qurtara bilməyəcək, harada görülsələr, qətlə yetiriləcəklər.[24]   Camaat səndən Qiyamət (onun nə vaxt baş verəcəyi) haqqında soruşur. De: “Onu yalnız Allah bilir!” Nə bilirsən, bəlkə də, Qiyamət lap yaxındır. Allah kafirləri lənətləmiş və onlar üçün yandırıcı od hazırlamışdır. Orada əbədi qalacaq, heç bir himayəçi, heç bir yardımçı tapmayacaqlar. Üzləri həmin odda dəyişiləcəyi gün deyəcəklər: “Kaş biz Allaha itaət edəydik, Onun elçisinə müti olaydıq!” Deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara ikiqat əzab ver və onları böyük bir lənətə məruz qoy!” Ey iman gətirənlər! Musanı incidən şəxslər kimi olmayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox abırlı (və hörmətli) şəxsdir. Ey iman gətirənlər! Allahdan qorxun və haqq söz danışın ki, Allah əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun elçisinə itaət etsə, böyük bir qurtuluşa (və uğura) nail olar. Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdib qorxdular. Lakin insan onu boynuna götürdü. O, çox zalım və cahildir. Məqsəd bu idi ki, Allah münafiq kişiləri və münafiq qadınları, müşrik kişiləri və müşrik qadınları cəzalandırsın, mömin kişilərin və mömin qadınların tövbələrini qəbul etsin. Allah bağışlayandır, rəhmlidir. ————————————————————————————— 70-71. Əməllərinizin islahı üçün haqq söz danışın: Haqq söz (qavlun sədid) reallığı olan, mənasızlıqdan uzaq, faydası şəritə uyğun olan sözə deyilir. Söz gəzdirmək və sair kimi günah sözlər olmasın. İmanlı insan dediyinə əmin olmalı, boş, mənasız və günah olmaması üçün danışdığı sözü ölçüb-biçməlidir. Quranda bu cür danışıq əməllərin islah və günahların bağışlanma səbəbi hesab edilir. Çünki insan bu cür sözlər danışmamağa adət etdiyində artıq yalan, qeybət, mənasız, fitnə-fəsad yaranmasına səbəb olan sözlərdən uzaq olacaq, avtomatik olaraq günahdan da uzaq olacaq. Nəticədə insan islah olacaq, günahkar keçmişinin peşmançılığını çəkəcək. Əslində, elə  tövbə hesab edilən bu peşimançılığın ardınca tövbə edəcək. Allah da ömrünün qalan hissəsində onu böyük günahlardan qoruyacaq, kiçik günahlar edəcəyi təqdirdə də günahlarını bağışlayacaq (Nisa-31).[25] Əxlaq alimləri dili bədənin ən bərəkətli, eyni zamanda da ən təhlükəli və insanı günaha daha çox sürükləyən üzvü hesab edirlər. Bu kiçik üzv vasitəsilə insanın otuz günah edəcəyi qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Dil hər gün digər bədən üzvlərindən hal-əhval tutaraq soruşur: “Sabahı necə açdınız?” Onların hamısı “bizim vəziyyətimiz yaxşı olar, əgər sən imkan versən”, – deyə cavab verir. Sonra əlavə edirlər: “Bizim vəziyyətimizi nəzərə al, biz sənə görə mükafatlandırılır, sənə görə cəzalandırılırıq.”[26] İlahi əmanəti daşıması insanın ən böyük fəxridir: Böyük İslam təfsirçiləri bu ayə haqqında müxtəlif mülahizələr irəli sürmüş, əmanətin nə olduğunu müəyyən etməyə çalışmışlar. Sözügedən əmanətin əsl mahiyyətinin nədən ibarət olduğunu dərk etmək üçün insana nəzər salınmalı, onun göylər, yer və dağlarda olmayan nəyə malik olduğu dəqiqləşdirilməlidir. İnsan elə bir fövqəladə potensiala malikdir ki, bu potensialı ilə “Allahın xəlifəsi” ifadəsinin kamil nümayəndəsinə çevrilə, maariflənmə və özünü təmizləmə vasitəsilə yaradılışın ən yüksək iftixar zirvəsinə yüksələ, mələklərdən də yüksəyə qalxa bilər. Bu istedad iradə azadlığı və ixtiyarla müşayiət olunur. Yəni insan sıfırdan başlayıb sonsuzluğa istiqamət alan bu yolu öz ixtiyarı və ayaqları ilə qət edir. Göy, yer və dağlar Allahı tanıyıb Ona müti olsalar da, bu mütilik obyektiv, qeyri-ixtiyari və icbaridir. Buna görə də kamilləşmirlər. Yüksəliş və enişi sonsuz olan, ixtiyari şəkildə kamillik zirvəsinə doğru pərvaz edə biləcək olan varlıq insandır. Bu, bütün mövcudatın qəbul etməkdən imtina etdiyi, təkcə insanın öz üzərinə götürdüyü ilahi əmanətdir. Buna görə də növbəti ayədə insanlar üç qrupa təsnif edilmişlər: möminlər, kafirlər və münafiqlər. Deməli, ilahi əmanət “iradi və ixtiyari şəkildə sonsuz kamilləşmə gücü, kamil insan, xüsusi bəndəlik məqamı və ilahi rəhbərliyi qəbul etmək”dir. Əhli-beyt (ə) imamlarından nəql edilən çoxlu sayda hədislərdə “ilahi əmanət” deyilərkən möminlərin əmiri İmam Əli (ə) və övladlarının rəhbərliyinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bu da onunla bağlıdır ki, peyğəmbər və imamların rəhbərliyi bütün ilahi rəhbərliyin güclü bir şüasıdır. Allahın təyin etdiyi rəhbərlərin rəhbərliyini qəbul etmədən bəndəlik məqamına yüksəlmək və kamillik yolunu qət etmək qeyri-mümkündür.[27]         [1] Nümunə, c.17, səh.184 [2] Nümunə, c.17, səh.192 [3] Nümunə, c.17, səh.204 [4] Əl-Mizan, c.16, səh.288 [5] Mədinə [6] Nümunə, c.17, səh.216-225 [7] Nümunə, c.17, səh.234 [8] Nümunə, c.17, səh.243-264 [9] Əl-Mizan, c.16, səh.296 [10] Nümunə, c.17, səh.225 [11] Nümunə, c.17, səh.278-282 [12] Nümunə, c.17, səh.284 [13] Pəyame-Quran, c.9, səh.137 [14] Nümunə, c.17, səh.316 [15] Nümunə, c.17, səh.336 [16] Nümunə, c.17, səh.379 [17] Nümunə, c.17, səh.381 [18] Nümunə, c.17, səh.386 [19] Nümunə, c.17, səh.391 [20] Ətyəbül-bəyan, c.10, səh.520; Əl-Mizan, c.16, səh.342 [21] Nümunə, c.17, səh.401 [22] Nümunə, c.17, səh.415 [23] Nümunə, c.17, səh.427 [24] Nümunə, c.17, səh.430 [25] Əl-Mizan, c.17, səh.354 [26] Nümunə, c.17, səh.447 [27] Nümunə, c.17, səh.452

QURANI KƏRIM 13.02.2025

“Səcdə” surəsi

“Səcdə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. Bu, aləmlərin Rəbbi tərəfindən nazil edilmiş bir kitabdır. Onda heç bir şəkk-şübhə yoxdur. Ya da onlar: “(Mühəmməd) bunu özündən uydurmuşdur!” – deyirlər. Lakin bu, səndən əvvəl heç bir qorxudanın gəlmədiyi cəmiyyəti qorxutmağın üçün Rəbbinə aid haqq sözdür. Bəlkə doğru yola yönələlər. Allah göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşdə qərarlaşan varlıqdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər diqqətli olub xatıralamayacaqsınız? O, bu dünyanın göydən (tutmuş) yerə qədər bütün işlərini idarə edir. Sonra da sizin hesabınızla min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir. O, gizli və aşkarı bilir, yenilməz qüdrət sahibidir, mərhəmətlidir. O, həmin varlıqdır ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmışdır. O, insanı ilk olaraq palçıqdan xəlq etdi. Sonra onun nəslini bir damla dəyərsiz sudan yaratdı. Sonra onu şəkilə saldı və ona Öz ruhundan üfürdü, sizə qulaqlar, gözlər və ürək verdi. Siz Onun nemətlərinə az şükür edirsiniz! Onlar dedilər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbləri ilə qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da sizi Rəbbinizə qaytaracaqlar!” —————————————————- “Səcdə” surəsinin ümumi məzmunu: Bu surə Məkkədə nazil olduğu üçün Məkkə surələrinin əsas sujet xəttini təşkil edən xilqət, məad, müjdə və qorxutmaq mövzularını ehtiva edir və bir neçə hissəyə bölünür: Quranın əzəməti. 2. Allahın göydəki və yerdəki nişanələri. 3. İnsanın torpaqdan və sudan yaranması, nütfə, ilahi ruh, elm əldə etmək üçün zəruri olan vasitələrin verilməsi. 4. Qiyamət, ondan əvvəl baş verəcək hadisələr, yəni ölüm. 5. Müjdə və qorxutma məsələsində təhrikedici rol oynayan məsələlər. 6. İsrail oğullarının tarixinə qısa bir baxış. 7. Keçmiş xalqların taleyi və acı aqibətləri ilə bağlı qısa bir xatırlatma. 8. Tövhid və Allahın əzəmət nişanələrinə yenidən qayıdış. 9. Surə inadkar düşmənləri təhdidlə sona yetir.[1] Min günə bərabər gün: Təfsirçilər bu ayə ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Ancaq digər ayələr və bu ayənin təfsiri ilə bağlı olan ayələrə nəzər saldıqda məlum olur ki, Allah bu dünyanı yaradıb, yerə və göyə xüsusi nizam bəxş edib, insanlara və digər varlıqlara həyat libası biçib. Ancaq dünyanın sonu çatdıqda bu nizamı dəyişəcək, günəş qaralacaq, ulduzlar sönəcək, Quranın buyuruğu ilə desək, “o gün səmanı yazılı dürmək kimi bükəcəyik. Yaradılışı heçdən yaratdığımız kimi, yenidən qaytaracağıq”[2], bundan sonra yeni bir nizam-intizama və daha geniş bir dünya sisteminə start veriləcək. Bu məzmuna Quranın digər ayələrində də rast gəlirik (Rum-27, Yunus-34). Bu və sonda bütün işlərin Allaha qayıdacağından bəhs edən cümlələrə (Hud-123) nəzər saldıqda, bu ayədə də dünyanın başlanğıcından, idarəçiliyindən, sonundan və Qiyamət gününün baş verəcəyindən danışıldığı aydın olur. Bütün bu deyilənlərə əsasən ayənin məzmunu belə olur: Bütün kainat Allah tərəfindən, məna aləmi tərəfindən idarə edilir, sonra da Qiyamət günü bütün bunlar Allaha doğru qayıdacaq. Dünya işlərinin Allaha doğru qaldırılacağı min illik bir gün deyilərkən Qiyamətin beş mərhələsindən biri nəzərdə tutula bilər. Belə ki, “Məaric” surəsinin 4-cü ayəsində Allah-taala belə buyurmuşdur: “Mələklər və ruh əlli min ilə bərabər olan bir gündə Ona doğru yüksələcəklər” Hədislərin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Qiyamətdə əlli dayanacaq var. Hər dayanacağın müddəti sizin saydığınız min ilə bərabərdir.” Daha sonra “Məaric” surəsinin bu ayəsini buyurmuşdur: “Müddəti əlli minə bərabər olan o gündə.”[3] Ölüm mələyi: Quranın bir çox ayələrindən məlum olur ki, Allah bu dünyanı bir qrup mələk vasitəsilə idarə edir (Naziat-5). Çünki Öz istəklərini vasitələrlə icra etmək Allahın dəyişməz qanunudur. Mələklərdən bir qrupu insanların canlarını almaq vəzifəsi daşıyır (Nəhl-22 və 28). Onların başında ölüm mələyi dayanır. Bu mələk haqqında çoxlu hədislər nəql olunmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Xəstəliklər və bəlalar ölümün qasidləri və elçiləridir. İnsanın ömrü başa çatdıqda ölüm mələyi enərək deyir: “Ey Allahın bəndəsi, sənə nə qədər xəbər dalınca xəbər, elçi dalınca elçi göndərdim? Ancaq mən sonuncu xəbərəm, artıq məndən sonra xəbər yoxdur. Rəbbinin çağırışını öz istəyinlə və ya məcburi olaraq qəbul et.” Sonra onun canını aldqıda və yaxınlarının ah-naləsi göyə ucaldıqda o qışqıraraq deyər: “Kimin üçün fəryad qoparır, ah-nalə edirsiniz? And olsun Allaha, mən ömrünün sonunda ona heç bir zülm etmədim, ruzisini yemədim. Onu Rəbbi çağırdı. Ona görə də hər kəs özü üçün ağlasın. Mən sizin aranıza o qədər qayıdacağam ki, bir təkiniz belə qalmayacaq.”[4] Bəzi hədislərdən ölüm mələyinin adının Əzrail olduğu məlum olur.[5]   Kaş ki, günahkarların öz Rəbləri qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Vəd verdiyini gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qəti inandıq!” – dediyini görəydin! Əgər istəsəydik, hər bir insanı ona lazım olan doğru yola (zorla) yönəldərdik. Lakin (Mən onları azad buraxmışam) sözüm və vədim haqdır: “Cəhənnəmi bütün (günahkar) cin və insanlarla dolduracağam!” Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın (Cəhənnəm əzabını)! Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, bu ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəblərinə həmd-səna və tərif deyirlər. Onlar gecə yarısı böyürlərini yataqdan qaldırır (yerlərindən qalxır), öz Rəblərini qorxu və ümidlə çağırır, onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Onlar üçün göz oxşayan hansı böyük mükafatların gizlədildiyini heç kəs bilmir. Bu, onların etdiyi əməllərin mükafatıdır. Məgər möminlə fasiq eynidir? Xeyr! Bu ikisi əsla bərabər ola bilməz. İman gətirib yaxşı işlər görənləri gördükləri əməl qarşılığında əbədi Cənnət bağları gözləyir. Fasiqlərə gəldikdə isə, onların yeri oddur. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən oraya qaytarılacaq və onlara deyiləcək: “İnkar etdiyiniz odun əzabını dadın!” —————————————————————————————- Səcdə edilməsini tələb edən ayələr: Bu ayə Quranın vacib səcdəsi olan ilk ayəsidir. Bu ayəni oxuyan və ya eşidən hər bir şəxsin səcdə etməsi vacibdir. Bu səcdə üçün dəstamaz almaq vacib deyil. Sadəcə ehtiyat vacibə əsasən səcdə edilərkən alın səcdədə şərt hesab edilən yerə (torpağa, daşa və s.) qoyulmalıdır.[6] Quranın vacib səcdəsini yerinə yetirərkən insan səcdə niyyəti etməlidir. Səcdəni elə yerinə yetirməlidir ki, kənardan həmin adamın səcdə etdiyi bəlli olsun. Bu səcdə üçün namazda vacib olan, ayıb yerlərin örtülməsi, səcdə edilən yerin pak olması, səcdə edilən yerin ayaq, əl və diz səviyyəsindən hündür olmaması, böyük barmaqların ucunun yerə qoyulması və sair kimi şərtlər vacib deyil. Baxmayaraq ki, ehtiyat bu qaydalara riayət edilməsini tələb edir. Quranın vacib səcdəsinin xüsusi bir zikri yoxdur. Səcdə qəsdi ilə alnı yerə qoymaq kifayətdir. Zikr (subhanəllah vəlhəmdulillah və sair) demək isə müstəhəbdir. Yaxşı olar ki, səcdə zamanı bu zikr deyilsin: “La ilahə illəllahu həqqən həqqa, la ilahə illəllahu imanən və təsdiqa, la ilahə illəllahu ubudiyyətən və riqqa, səcədtu ləkə ya rəbbi təəbbudən və riqqa, la mustənkifən və la mustəkbirən, bəl ənə əbdun zəlilun, zəifun, xaifun, mustəcir.”[7] Səcdənin vacib olduğu digər üç ayə bunlardır: Fussilət-37, Nəcm-62, Ələq-19. 16-17. Heç kəsin bilmədiyi böyük mükafatlar: Qiyamət dünyası bu dünyadan çox-çox böyükdür. Hətta Qiyamətlə bu dünyanın müqayisəsini ana bətnindəki körpənin həyatı ilə bu dünya həyatının müqayisəsinə bənzətmək olar. Qiyamət aləminin müqayisə nisbəti daha böyükdür. Bu böyüklük dünyanın dörd divarı arasında həbs edilmiş bizlər üçün təsəvvürəgəlməzdir. Biz onun haqqında yalnız eşidirk və bizə xəyal kimi görünür. O dünyanı görüb dərk etməyincə onun əhəmiyyətini də dərk etmək bizə mümkün deyil. Anasının bətnində olan körpəni buna misal göstərə bilərik. Əgər anasının bətnində olan körpə üçün tam ağıl və dərk fərz etsək belə, bu dünya nemətlərini dərk etmək qeyri-mümkün olacaq. Qüdsi hədislərinin birində Peyğəmbər (s) Allahın belə buyurduğunu qeyd etmişdir: “Saleh bəndələrimə elə nemətlər hazırlamışam ki, nə göz görüb, nə qulaq eşidib, nə də kiminsə fikrinə gəlib.”[8] Bu ayənin təfsirini ehtiva edən hədislərdə gecəni oyaq qalmaq və gecə namazının qılınmasına xüsusi əhəmiyyət verildiyinin şahidi oluruq. İmam Sadiq (ə) buyurmuşdur: “Elə bir yaxşı əməl yoxdur ki, Quranda ona bəlli bir mükafat təyin edilməsin. Təkcə gecə namazıdır ki, çox böyük dərəcəyə malik olduğu üçün Allah onun mükafatını açıq şəkildə buyurmamışdır. Allah-taala “onlar üçün nəyin gizlədildiyini heç kəs bilmir ”, – deyə buyurmuşdur.” Əlbəttə, hədislərdə mükafatı yalnız Allaha bəlli olan başqa əməllər haqqında da məlumat verilmişdir. Belə ki, hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə yemək verib onu doyuzduran şəxsə axirətdə hansı mükafatın veriləcəyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs bilmir.”[9]   Böyük əzabdan əvvəl Biz onlara yaxın əzabdan daddıracağıq ki, bəlkə qayıtsınlar. Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Biz günahkarlardan mütləq intiqam ala­­cağıq. Biz Musaya kitab verdik. Sən onun Allahın ayələrini qəbul etdiyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən vasitə etmişdik. Səbir etdiklərinə və ayələrimizə qətiyyətlə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik. Sənin Rəbbin Qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir. Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onların doğru yola yönəlməsi üçün kifayət etmədimi? Bunda nişanələr vardır. Onlar eşitmirlərmi? Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin qidalandığı tarlaları yetişdirdiyimizi görmürlər? Görmürlərmi? Onlar: “Əgər doğru danışırsınızsa, (deyin görək) bu qalibiyyətiniz nə vaxt olacaqdır?” – deyirlər. De: “Qələbə günü iman gətirməyin kafirlərə heç bir faydası olmayacaq və onlara möhlət də verilməyəcəkdir”. İndi ki belədir, onlardan üz çevir və gözlə. Onlar da gözləyirlər. (Sən Allahın rəhmətini, onlar isə əzabını). —————————————————————————————- Musa (ə) və Allahın ayələri: Peyğəmbərə və İslamı qəbul etmiş ilk möminlərə ürək-dirək vermək, əvvəlki ayələrdə də barələrində məlumat verilmiş müşriklərin iftiraları qarşısında möminləri səbirli və dözümlü olmağa çağırmaq, müsəlmanların sonda inadkar kafirlər üzərində qələbə çalacağı və onların yer üzünün öndərləri olacağının müjdəsini vermək üçün bu ayədə Musa (ə) və İsrail oğullarının əhvalatına ötəri işarə edilmişdir. Musa (ə) böyük peyğəmbərlərdən olduğu üçün həm yəhudilərin, həm də xristianların ona inamı var idi. Buna görə də kitab əhlinin İslama meyl göstərməsində motivasiya rolunu oynaya bilərdi. “Min liqaihi” birləşməsindəki “hi” (o) bitişən əvəzliyinin cümlədə kimi və ya nəyi ifadə etməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Bəzi təfsirçilər bu əvəzliyin Musaya (ə) aid olduğunu qeyd etmişlər. Bu yanaşmaya görə, cümlənin mənası belə olur: Ey Mühməmməd, Musanın ruhu ilə görüşəcəyinə şübhən olmasın. Bəziləri bitişən əvəzliyin kitaba, yəni Qurana aid olduğunu ehtimal etmişlər. Bu yanaşma ilə məna belə olur: Ey Mühəmməd, Quranın Allah tərəfindən vəhy olunduğuna şübhən olmasın. Bəziləri bitişənəvəzliyin Allaha aid olduğunu irəli sürmüşlər. Yəni məada heç bir şübhən olmasın. Əslində, böyük ehtimalla bitişən əvəzlik kitaba (Tövrata) aiddir. Bu zaman isə bitişən əvəzlik cümlənin obyekti, Musa (ə) isə subyekti olur. Nəticədə, cümlənin ümumi mənası belə olur: Musanın Allahın kitabı ilə görüşə nail olduğuna, onun Allah tərəfindən göndərilən bu kitabı aldığına şübhən olmasın.[10] Əmr nədir? Burada əmr deyilərkən şəriət (Allahın şəriət əmrləri), yoxsa obyektiv əmrin (Allahın yaranış aləmi üzərindəki hökmü) nəzərdə tutulması ilə bağlı fikir ayrılıqları olsa da, ayənin məzmunu birinci mənanın nəzərdə tutulduğunu deməyə əsas verir. Hədislər və təfsirçilər də birinci mənanın olduğunu təsdiq edir. Lakin bəzi böyük təfsirçilər burada obyektiv əmrin nəzərdə tutulduğunu iddia etmişlər. Belə ki, ayə və hədislərdə haqq yola yönəltmənin (hidayətin) iki mənasının olduğu göstərilmişdir: yolu göstərmək; məqsədə çatdırmaq. İlahi rəhbərlərin bələdçiliyi hər iki vasitə ilə həyata keçir. Bəzən onlar, sadəcə, əmr və qadağa ilə kifayətlənir, bəzən isə layiqli və potensialı olan insanların qəlblərinin dərinliklərinə nüfuz edərək onları mənəvi məqamlara çatdırırlar. Bəzi ayələrdə əmr sözü obyektiv əmr mənasında işlədilmişdir. “Yasin” surəsinin 82-ci ayəsində belə buyurulmuşdur: “Bir şeyi istədiyi zaman Onun əmri yalnız ona: “Ol!” deməkdir. O da dərhal olar.” Sözügedən ayədə də “Bizim əmrimizlə yönləndirirlər” cümləsi eyni mənadadır. Yəni onlar Allahın qüdrəti ilə tutumu olan ruhlara nüfuz edən, ali və insani hədəflərə çatdıran rəhbərlər idilər.[11] Qələbə günü: Qələbə günü deyilərkən hansı günün nəzərdə tutulması ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Birincisi, möminlərlə kafirlərin ayrılacağı Qiyamət günü. Möminlər əbədi xoşbəxtliyə, kafirlər isə əbədi Cəhənnəmə gedəcəklər. İkincisi, bu dünyadakı yaxın əzab (21-ci ayədə də buna işarə edilmişdir) və ya dünyada kafirlərdən intiqam alınması. Buna görə də bəziləri həmin gün ilə Bədr döyüşünə işarə edildiyini ehtimal etmişlər. Çünki öldükdən və əzabı gördükdən sonra gətirəcəkləri imanın kafirlərə heç bir faydası yoxdur. Bəziləri burada Məkkənin fəthinə işarə edildiyini qeyd etmişlər. Çünki uzun illər Peyğəmbərlə (s) düşmənçilik etmiş inadkar kafirlərin gətirdiyi iman həqiqi iman deyildi. Onların ikiüzlülük və riyakarlıq edərək gətirdikləri imanın onlara heç bir xeyri yoxdur. Bu ayədə Allahın axırzamanda Peyğəmbərlə (s) ümməti arasında hökm verəcəyi də nəzərdə tutula bilər. “Yunus” surəsinin 47-ci ayəsində də buna işarə edilmişdir: “Hər ümmətin bir peyğəmbəri vardır. Onlara peyğəmbər gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz!” Əlbəttə, 30-cu ayənin məzmunundan belə başa düşülür ki, qələbə və fəth deyilərkən axirətdə deyil, dünyadakı qələbə nəzərdə tutulur.[12] Ehtimallar arasında ən çox həqiqətə yaxın olanı “qələbə günü” deyilərkən bu dünyadakı əzabın göndərilməsinin nəzərdə tutulduğu irəli sürülən ehtimaldır. Kafirlərin kökünü kəsmək üçün göndərilmiş bu əzab zamanı onların iman gətirməsinə macal verilmir. Başqa sözlə desək, tamamilə məhv etmək üçün göndərilmiş əzab bütün bəhanələrə son qoyacaq dəlillər tam təqdim edildikdən sonra, günahkarların kökünü kəsmək üçün göndərilmiş dünya əzabıdır.[13]   [1] Nümunə, c.17, səh.104 [2] Ənbiya surəsi, 104-cü ayə [3] Nümunəyə istinadən, c.17, səh.115; Əl-Mizan, c.16, səh.252 [4] Nümunə, c.17, səh.140 [5] Təfsiri-Bürhan, c.6, səh.197 [6] Nümunə, c.17, səh.145 [7] Dörd müctehidin risaləsi, Lətif Raşidi, Peyame-mehrab, səh.268 [8] Nümunə, c.17, səh.150 [9] Əl-Mizan, c.16, səh.275 [10] Nümunə, c.17, səh.163 [11] Nümunə, c.17, səh.167 [12] Əl-Mizan, c.16, səh.273 [13] Nümunə, c.17, səh.176

QURANI KƏRIM 13.02.2025

“Loğman” surəsi

“Loğman” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. Bu, hikmətli kitabın ayələridir. Əməlisalehlər üçün doğru yol göstərən və rəhmət vasitəsidir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Onlar Rəblərindən gələn doğru yoldadırlar. Nicat tapanlar onlardır. Bəzi adamlar nadanlıqları üzündən insanları Allah yolundan sapdırmaq və Allahın ayələrini lağa qoymaq üçün mənasız sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab var. Ayələrimiz onlara oxunduğu zaman sanki onları eşitmirmiş, qulaqları karmış kimi təkəbbürlə üz çevirərlər. Onları ağrılı-acılı bir əzabla müjdələ. Cənnətin bol nemətli bağları iman gətirib yaxşı işlər görənlərə məxsusdur. Onlar orada əbədi qalacaqlar. Bu, Allahın qəti vədidir. O, yenilməz qüdrət və hikmət sahibidir. O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaratmış, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar yaratmış və oraya cürbəcür heyvanlar yaymışdır. Göydən yağmur yağdırıb onun vasitəsilə yer üzündə cürbəcür əhəmiyyətli bitkilər bitirdik. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, Ondan başqaları nə yaradıblar? Xeyr! Zalımlar açıq-aydın azğınlıq içindədirlər. ————————————————————————————— “Loğman” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları beş bölmə üzrə ümumiləşdirmək olar: 1. Müqəttəə hərflərindən sonra Quranın əzəməti, onun spesifik xüsusiyyətlərə malik möminlər üçün yönləndirici və rəhmət olmasına işarə edilmişdir. 2. Səmanın yaradılışında Allahın nişanələri, onun gözəgörünməz sütunlar üzərində dayanması, dağların, müxtəlif canlıların yaradılışı, yağışın yağması və bitkilərin göyərməsindən danışlır. 3. Loğmanın övladına  verdiyi hikmətli nəsihətlərin bir qismi qeyd edilir. 4. Yenidən tövhid arqumentləri işıqlandırılır, göyün və yerin ram edilməsi, Allahın insanlara bəxş etdiyi bol nemətlər, təkcə əcdadlarını təqlid etməklə azğınlıq vadisinə yuvarlanmış bütpərəstlərin məntiqinin yanlışlığından danışlır, parlaq bir misalla Allahın böyük və sonsuz olmasına işarə edilir. 5. Ölüm lakonik və düşündürücü bir misalla izah edilir.[1] Oynaq musiqi (ğina) Şeytanın böyük tələlərindən biridir: “Boş-boş sözlər” deyilərkən insanı azğınlığa və mənasız işlərə sövq edən istənilən qəflətə səbəb olan və məşğuledici söz və musiqi nəzərdə tutulur. Burada insanı ehtiraslandıran musiqi və ahəng və məzmunu ilə insanı fəsada, boş və mənasız işlərə sövq edən sözlər arasında heç bir fərq yoxdur. Bu ayənin təfsiri ilə bağlı Əhli-beyt imamlarından (ə) çoxlu sayda hədis nəql edilmişdir. Hədislərə görə xaredici əzaba səbəb olan boş-boş danışıqlardan biri oynaq musiqidir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Oynaq musiqi, boş-mənasız və batil musiqi məclisi Allahın əhlinə nəzərə salmadığı bir məclisdir. Bu, Allahın “bəzi adamlar mənasız sözləri satın alırlar” – deyə buyurduğu ayənin bir nümunəsidir.” Fəqihlərin bu mövzu ilə bağlı verdikləri açıqlamalardan belə qənaətə gəlmək olar ki, oynaq musiqi (ğina), mənasız, batil, günah məclislərinə xas olan, insanın ehtiraslarını təhrik edən musiqilərdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ğina olan ev ağır bəlalardan sığortalanmayıb, orada dua qəbul olmaz, mələklər oraya daxil olmaz.” O həzrət başqa bir hədisində belə buyurmuşdur: “Ğina münafiqlik ruhiyyəsini gücləndirir, yoxsulluq və bədbəxtlik gətirir.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Şeytan ğina oxuyan ilk şəxs olmuşdur.” Ğinanın haram olmasının səbəbini izah edərkən qeyd edirlər ki, insanların çoxu ğina musiqilərinin təsiri altında təqva və Allah qorxusunu unudub ehtiraslar və günahların əsirinə çevrilir. Ğina məclisləri adətən müxtəlif fəsad və günahların mərkəzi olur. Günah və fəsada səbəb olan isə məhz həmin ğinadır. Ğinanın neqativ cəhətlərindən biri də onun Allahı unutdurmasıdır. Bəzi hədislərdə ğina anlayışının mənasız sözü ilə ifadə edilməsi də bununla bağlıdır. Belə ki, ğina insanı ehtiraslar içində elə məst edir ki, Allahı yaddan çıxarır. Ayədə boş və mənasız sözlərin Allah yolundan sapdıran amillərdən biri və ağrıdıcı əzaba səbəb olduğu qeyd edilmişdir. Diqqət yetirməli cəhətlərdən biri də budur ki, ğina və musiqi əsəblərə təsir göstərir, hətta insanı dəlilik dərəcəsinə çatdırır. Onun ürəyə, qan təzyiqinə, digər xoşagəlməz hallara təsiri çoxdur. Müasir dövrümüzə aid ölüm hallarının statistik rəqəmləri keçmişlə müqayisədə qəfil ölümlərin daha çox olduğunu göstərir. Bu artımı müxtəlif səbəblərlə izah edirlər. Həmin səbəblər sırasında qlobal səviyyədə musiqinin artması amili yer alır.[2] Biz Loğmana hikmət verdik (və ona belə dedik): “Allaha şükür et! Kim şükür etsə, öz xeyrinə şükür etmişdir. Kim nankor olsa, (Allaha heç bir zərər toxundurmaz), çünki Allah ehtiyacsız və tərifəlayiqdir”. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: “Oğlum! Heç nəyi Allaha şərik qoşma. Çünki Allaha şərik qoşmaq böyük zülmdür!” Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu gücsüzlük üzərinə gücsüzlük gəlməsinə baxmayaraq, daşımışdır. Onun südəmər dövrü iki il çəkir. Mənə və valideynlərinə şükür et ki, axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, onlara itaət göstərmə! Ancaq dünyada onlarla gözəl davran. Tövbə edərək Mənə üz tutanların yolu ilə get! Sonra isə hamınızın dönüşü Mənə olacaq. Mən sizə nə etdikləriniz barədə xəbər verəcəyəm. “Oğlum! (Gördüyün yaxşı və ya pis iş) bir xardal dənəsi ağırlığında da olsa, bir daşın içində, yaxud göylərdə və ya yerin dibində də olsa, Allah onu (Qiyamətdə hesablamaq üçün) gətirər. Allah dəqiq, xəbərdardır. Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn müsibətlər qarşısında dözümlü ol ki, bu, mühüm işlərdəndir. İnsanlardan etinasızlıqla üz çevirmə, yer üzündə özünü darta-darta gəzmə. Allah heç bir özündənrazı təkəbbürlünü sevmir. Yerişində orta həddi gözlə, (danışanda) səsini alçalt. (Heç vaxt qışqırma,) çünki ən çirkin səs uzunqulağın səsidir”. ————————————————————————————— Loğman kim olub: Loğman adına Quranda, məhz elə bu surədə iki yerdə rast gəlmək olar. Onun peyğəmbər, yoxsa sadəcə müdrik şəxs olduğunu göstərəcək heç bir aşkar dəlil yoxdur. Sadəcə, Quranın Loğmandan danışan ayələrinin məzmunu onun peyğəmbər olmadığını deməyə əsas verir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Doğrusunu deyim ki, Loğman peyğəmbər olmayıb. Ancaq çox düşünən və imanın ali dərəcəsinə çatmış bir bəndə olmuşdur. O, Allahı, Allah da onu sevmiş, hikmət nemətini ona layiq görmüşdür…” Bəzi tarixi mənbələrin yazdığına görə, Loğman əslən Misirin Sudan əyalətindən olan qaradadərili bir qul olmuşdur. Üzü gözəl olmasa da, aydın qəlbə və səfalı ruha malik olmuşdur. Hədislərdə qeyd edilənlərə görə, bir nəfər Loğmana deyir: Sən bizimlə çobanlıq etmirdinmi? O: “Bəli, elədir ki var”, – deyə cavab verir. Həmin adam soruşur: “Bəs bütün bu elm və hikmətə necə nail olmusan?” Loğman deyir: “Bu, Allahın istəyi ilə belə olub. Səbəb isə əmanətə xəyanət etməməyim, doğru danışmağım, mənə aid olmayan işlərə qarışmamağım olmuşdur.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Bir gün Loğman istirahət etmək üçün günün günorta çağı yatmışdı. Qəfildən belə bir səs eşidir: “Ey Loğman! İnsanlar arasında hakimlik etməyin üçün Allahın səni yer üzündəki xəlifəsi etməsini istəyirsənmi?” Loğman deyir: “Əgər Rəbbim seçimi öz ixtiyarıma qoysa, mən rahat yol seçib bu böyük imtahanın altına girmərəm. Ancaq əmr etsə, fərmanını cani-dildən qəbul edərəm. Çünki bilirəm ki, belə bir məsuliyyəti mənə həvalə etsə, hökmən, mənə yardım göstərəcək, tərəddüdlərdən qoruyacaq.” Mələklər soruşur: “Nə üçün?” Deyir: “Çünki insanlar arasında münsiflik etmək vəzifələrin ən çətini, mərhələlərin ən əhəmiyyətlisidir. Zülm və haqsızlıq dalğası hər tərəfdən ona doğru hücum çəkir. Əgər Allah insanı qorusa, xilas olmağa layiqdir, əgər yanlışa yol versə, Cənnət yolundan sapmışdır. Dünyada başıaşağı olub, axirətdə başıuca olan adam dünyada başıdik olub axirətdə başıaşağı olan adamdan yaxşıdır. Dünyanı axirətdən üstün tutan şəxs dünyaya nail olmayacaq, axirəti də əldən verəcək.” Mələklər Loğmanın gözəl məntiqi qarşında heyrətləndilər. Loğman bunları deyib yuxuya getdi. Allah hikmət nurunu onun qəlbinə bəxş etdi. Yuxudan oyandıqdan sonra hikmətli sözlər danışmağa başladı.”[3] 18-19. Əməldə və danışıqda orta hədd: Bu iki ayədə iki xüsusiyyət qadağan, iki xüsusiyyət isə əmr edilmişdir. Özünü hər kəsdən üstün görmək insanın Allah bəndələri qarşısında təkəbbürlü olmasına, özünü bəyənməsi onun özünü kamil hesab etməsinə, nəticədə, bütün kamillik qapılarını öz üzünə bağlamasına səbəb olur. Bu bəyənilməyən iki xüsusiyyətə qarşılıq olaraq, davranış və danışıq zamanı orta həddin qorunması əmr edilmişdir. Bu iki xüsusiyyətə malik olan şəxs insanlar arasında ən xoşbəxt, Allah qarşısında ən dəyərli və sevimli adamdır. Diqqət çəkən məqam budur ki, ayədə təkəbbürlülərin və əbləhlərin çığırtısı uzunqulaq səsinə bənzədilmişdir. Bunu da təfsirçilər onunla izah edirlər ki, digər heyvanlar adətən nəyəsə ehtiyac duyduları zaman səs çıxarırlar, uzunqulaq isə bəzən səsini heç bir səbəb və ehtiyac olmadan ucaldır. Onun səsinin xoşagəlməz olmasından isə danışmağa dəyməz. Hədislərinin birində İmam Sadiq (ə) burada hündür səslə asqırmağın və ya danışarkən çığıra-çığıra danışmağn nəzərdə tutulduğunu qeyd etmişdir. Təbii ki, bu, ayələrin ehtiva etdiyi mənalardan biridir. Hədislərdə heç nəyə təvazökarlıq, gözəl əxlaq, davranışlarda mülayimlik və kobudluğun tərk edilməsi mövzusu qədər yer verilməmişdir. Bir nəfər Peyğəmbərin (s) yanına gedib deyir: “Mənə nəsihət ver!” Peyğəmbərin (s) həmin adama verdiyi nəsihətlərdən biri belə olur: “Müsəlman qardaşınla gülər üzlə görüş”. Başqa bir hədisində Peyğəmbər (s) belə buyurmuşdur: “Qiyamətdə insanın əməl tərəzisində gözəl əxlaqdan üstün heç nə olmayacaq”[4] Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü? İnsanlar arasında eləsi də vardır ki, heç bir biliyi, doğru yolu göstərəni və nur saçan bir kitabı olmadan Allah barəsində mübahisə edir. Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər Şeytan onları yanan odun əzabına doğru çağırsa belə (yenə tabe olacaqlar)? Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. Kafir olanın küfrü səni kədərləndirməsin. Onların dönüşü Bizə olacaq. Biz də onlara etdikləri əməllər barədə xəbər verəcəyik. Allah kökslərdə olanları bilir. Biz dünya malının az bir hissəsini onların ixtiyarına verəcəyik, sonra da onları ağır bir əzaba məcbur edəcəyik. Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar, mütləq: “Allah!” – deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bilmir. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah ehtiyacsızdır, sitayişə layiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsa, dəniz də onun mürəkkəbi olsa və ona yeddi dəniz də artırılsa, yenə də Allahın sözləri qurtarmaz. Allah yenilməz qüdrət və hikmət sahibidir. Sizin hamınızı yaratmaq və (yenidən həyat sürmək üçün Qiyamət günü qəbirdən) qaldırmaq bir adamı yaratmaq və qaldırmaq kimidir. Allah eşidəndir, görəndir. —————————————————————————————- Aşkar və gizli nemətlər: Aşkar nemətlərə göz, qulaq, bədən üzvləri, sağlamlıq və hiss üzvləri ilə qavranılan nemətlər aiddir. Gizli nemətlərə isə şüur, iradə, ağıl, ixlaslı əməllər sayəsində qazanılmış mənəvi məqamlar aiddir. Bunlar beş hiss üzvü ilə qavranılmayan nemətlərdir. Hədislərdə Allahın bu ayədə buyurduğu iki qrup nemətlərlə bağlı müxtəlif nümunələr qeyd edilmişdir. Bəzi hədislərdə “aşkarda olan nemətlər” deyilərkən aşkarda olan imamın, “gizlində olan nemət” deyilərkən isə qeybdə olan imamın nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Aşkar nemət Peyğəmbər (s), onun Allahı tanıma və təkallahlıqla bağlı gətirdikləri, gizli nemət isə biz Əhli-beytin rəhbərliyi və bizimlə dostluq əhdidir.”[5] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Aşkar nemət İslam, sənin Allah tərəfindən kamil və nizam-intizamlı yaradılışın, sənə verilmiş nemətlərdir, gizli nemət isə çirkin əməllərinin örtülməsi, insanlar qarşısında rüsvay edilməməndir.” Əlbəttə, bu təfsirlər arasında heç bir təzad yoxdur. Bunların hər biri gizli və aşkar nemət ifadəsinin ayrı-ayrı nümunələrini simvolizə edir. Bu da məna məhdudiyyətinə deyil, onun daha geniş məzmun ifadə etməsinə səbəb olur.[6] Allahın sözü bitib-tükənməz: Bu ayədə çox möhtəşəm və bədii bir təsvirlə Allahın elminin tükənməzliyi təsvir edilmişdir. İnsanın elmi nə qədər artsa da, Allahın elmi qarşısında zərrədən artıq deyil. İnsan qatında daha çox olan Allah qatında daha azdır. “Sözlər” sözü cəmdir və insanın danışdığı sözləri və ifadələri ehtiva edir. Bu ifadə daha geniş mənada fikir və məna ifadə edən hər şeyə şamil olur. Kainatda mövcud olan varlıqların hər biri Allahın zatı, elmi və qüdrətini ifadə etdiyi üçün bu sözü bütün varlıqlara, xüsusilə ən dəyərli varlıqlara şamil etmək olar. İsa peyğəmbəri (ə) buna misal göstərə bilərik (“Nisa” surəsi – 171, “Ali-İmran” surəsi – 45). Deməli, “Allahın sözləri” deyilərkən Allahın elmi də nəzərdə tutulur. Ayənin forması çox maraqlı və düşüncə tələb edəndir. İri bir ağacdan minlərlə, hətta milyonlarla qələm düzəldilə bildiyini nəzərə alsaq, bütün ağacların qələmə çevrilməsi, dənizlərin və okenların mürəkkəbə çevrilməsi, yeddi dənizin də onlara əlavə edilməsi (təbii ki, burada yeddi deyilərkən say deyil, çoxluq nəzərdə tutulur) təsviri Allahın elminin böyüklüyünü göstərmək üçündür.[7] Hədislərin birində belə deyilir: “Bu ayənin məqsədi Allahın elminin daha çox olduğunu göstərməkdir. Sizə verilən elm öz aranızda çox, Allah yanında az və cüzidir.”[8] Bu ayənin məzmunu o qədər aydındır ki, insanın təfəkkür dalğalarını özü ilə birlikdə sahilsiz üfüqlərə doğru aparır, heyrətlərə qərq edir, elm və biliyinin Allahın elmi ilə müqayisədə nə qədər kiçik olduğunu başa salır.[9]     Allahın gecəni gündüzə, gündüzü də gecəyə daxil etdiyini, günəşi və ayı ram etdiyini, hər birinin müəyyən olunmuş vaxtadək hərəkət etdiyini görmədinmi? Allah nə etdiklərinizdən xəbərdardır. Bütün bunlar Allahın haqq olduğunu, Onu qoyub çağırdılarının batil olduğunu göstərən dəlillərdir. Allah ucadır, böyükdür. Onun dəlillərinin bəzisini sizə göstərməkdən ötrü dənizdə gəmilərin Allahın neməti sayəsində üzdüyünü gör­­mürsünüzmü? Bunlarda səbirli olanlar və şükür edənlər üçün nişanələr var. (Dənizdə səfər edərkən) bir dalğa buludlar kimi başlarının üstünü aldığında Allahı ixlasla çağırarlar. Ancaq quruya çıxarıb xilas etdiyində aralarından bəziləri orta yol tutar. Bizim ayələrimizi yalnız nankor xəyanətkarlar inkar edər. Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övladın, övladın da valideynin əməllərinin məsuliyyətini qəbul etməyəcəyi, onun yerinə cəza çəkməyəcəyi gündən qorxun. Şübhəsiz ki, Allahın vədi haqdır. Məbada dünya həyatı sizi çaşdırsın, hiyləgər (Şeytan) sizi Allahın kərəmi ilə aldatsın. Qiyamətin nə zaman qopacağını yalnız Allah bilir. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə əldə edəcəyini bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah biləndir, xəbərdardır. —————————————————————————————– Haqq yoldan sapmanın ən böyük amilləri: Bu ayədə insanlara dünya həyatının bərbəzəyinə aldanmamaq barədə xəbərdarlıq edilir. Daha sonra Şeytanın hiyləsindən söz açılır və onun təhlükəli olduğu bildirilir. Belə ki, insanlar bir neçə qrupa bölünürlər: Bəziləri o qədər zəif və gücsüzdürlər ki, dünyanın bərbəzəyini görən kimi aldanırlar. Bəzilərinin müqavimət gücü bir qədər artıqdır. Onlaırn aldanması üçün Şeytanın vəsvəsəsi də lazımdır. Bu cür insanları aldatmaq üçün xarici və daxili şeytanlar əl-ələ verməlidirlər. Ayədə hər iki qrupun mənsublarına xəbərdar edilir. Bir nüansa diqqət yetirməyimiz lazımdır ki, ayənin orijinalındakı “ğərur” sözü istənilən aldadıcıya şamildir. Bu sözün Şeytan kimi izah edilməsi onun birinci dərəcəli aldadıcı olması ilə bağlıdır. Yoxsa ki, o, istənilən aldadıcı kitaba, aldadıcı insana, vəsvəsə yaradan mövqeyə, insanı azdıran istənilən varlığa şamil olur. Ümumiyyətlə, insanı haqq yoldan sapdıran hər bir varlıq bu sözün geniş məna çərçivəsinə daxildir. Bəzilərinin onu dünya kimi izah etmələri dünyanın aldadıcı olması ilə bağlıdır. İmam Əli (ə) dünya haqqında belə buyurmuşdur: “Dünya aldadır, ziyan verir və keçir”. Diqqət yetirilməli olan nüanslardan biri də budur ki, dünyanın aldadıcı olması və məzəmmət edilməsi onun təzahürlərinin insana Allahı unutdurması ilə əlaqəlidir. Bəzən dünya insanı özünə elə məşğul edir ki, o, dünyadan başqa hər şeyi unudur. Buna baxmayaraq,  dünya həyatının ayrı-ayrı səhnələri arasında elə səhnələr də var ki, dünyanın əbədi olmadığını, bərbəzəyinin puç nolduğunu açıq şəkildə bəyan edir. Elə hadisələr var ki, o, ağılı başında olan istənilən  insanı ayıldır, huşu başında olmayanları isə huşa gətirir.[10] Bir gün İmam Əli (ə) bir nəfərin dünyanı aldadıcı adlandıraraq məzəmmət etdiyini görüb buyurdu: “… Dünya, onun söylədiklərinə inananlar üçün düzlük, mahiyyətini dərk edənlər üçün sağlamlıq, axirətinə azuqə toplayanlar üçün sərvət, öyüd-nəsihət alanlar üçün öyüd-nəsihət diyarıdır. Dünya Allah dostlarının məscidi, mələklərin namazgahı, vəhyin nazil olduğu yer, Allah dostlarının ticarət etdiyi məkandır…”[11] Allaha məxsus olan elmlər: Ayədə yalnız Allahın elmi çərçivəsində olan üç hadisəyə işarə edilmişdir: Birincisi, Qiyamətin qopacağı zaman. Allah həmin günün nə vaxt olacağının yalnız Özünə aid bir məsələ olduğunu, Ondan başqa heç kəsin (hətta peyğəmbər və imamların da) həmin hadisənin nə zaman baş verəcəyindən xəbərdar olmadığını buyurur. İkincisi, yağışın yağması və analarının bətnində olan körpələrin xüsusiyyətləri (həmin körpənin gözəl və ya çirkin, Cənnət, yoxsa Cəhənnəm əhli olacağı və sair)[12] ilə bağlı bilgi yalnız Allaha məxsusdur. Yalnız Allahın xəbərdar etdiyi şəxslər istisnadır. Sonuncu iki hadisə (sabah hansı hadisənin baş verəcəyi, insanın hansı məkanda öləcəyi) insanların bilməyəcəkləri hadisələrdir. Belə ki, insan gələcəkdə baş verəcək hadisələrdən xəbərdar ola bilməz. Əlbəttə, bir nüansı də qeyd etməliyik ki, Allahın istəyi ilə Ondan qeyriləri də son dörd hadisədən xəbərdar ola bilərlər. Hədislərdə məsumların öz gələcəklərindən, öləcəkləri məkan və zamandan xəbər verdikləri qeyd edilmişdir.[13] İmam Sadiq (ə) buyurmuşdur: “İmam qeybdən xəbərdar olmur. Ancaq nəyisə bilmək istədikdə Allah onu məlumatlandırır.”[14] Hədislərdə imamların qeybi bilməməsi və ayədə qeyd edilən beş hadisənin yalnız Allahın bilgisi daxilində olmasının qeyd edilməsinin səbəbi onların yaşadıqları dövrdə qeyb elminin Allahın zatı elminə aid edilməsi və Allahın təlimatı olmadan bilinən elm kimi başa düşülməsi olmuşdur. İmamlar bu təfəkkür tərzinin bir növ şirk olduğunu nəzərə alaraq, onun yayılmasının qarşısını almaq üçün bu cür bəyanatlar vermişlər. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: Bizim malik olduğumuz elm qeyb elmi deyil, Allah rəsulundan bizə irsən keçmiş bir elmdir. Biz nə biliriksə, bizə Allah rəsulundan irsən keçib. Allahın rəsuluna da bildiklərini Allah öyrətmişdir.[15]     [1] Nümunə, c.17, səh.5 [2] Nümunə, c.17, səh.15 [3] Nümunə, c.17, səh.44 [4] Nümunə, c.17, səh.55 [5] Əl-Mizan, c.16, səh.234 və 244 [6] Nümunə, c.17, səh.65 [7] Nümunə, c.17, səh.74 [8] Təfsiri-Qummi, c.2, səh.143 [9] Nümunə, c.17, səh.76 [10] Nümunə, c.17, səh.95 [11] Nəhcül-bəlağə, qısa kəlamlar, 131-ci hikmət [12] Nəhcül-bəlağə, 128-ci xütbəyə istinadən [13] Əl-Mizan, c.16, səh.243 [14] Nümunə, c.17, səh.100 [15] Mənşuri-cavid,c.8, səh.389

QURANI KƏRIM 10.02.2025

“SƏCDƏ” AYƏLƏRİNİ OXUDUQDA SƏCDƏ ETMƏK

“SƏCDƏ” AYƏLƏRİNİ OXUDUQDA SƏCDƏ ETMƏK Qur`ani-Kərimin on beş ayəsi var ki, onlara “Səcdə ayələri” deyilir. Qur`an oxuyan şəxs bu ayələrin bə`zilərinə yetişdikdə, ona vacibdir ki, ayə qurtardıqdan sonra səcdə etsin. 15 ayədən yalnız dördündə səcdə etmək vacibdir. Yerdə qalan 11 ayədə isə səcdə vacib olmasa da, lakin səcdə etməyin çoxlu savabı vardır. Vacib səcdəsi olan ayələri insan başqalarından eşitdikdə də, səcdəni yerinə yetirməlidir. Vacib olan səcdələr aşağıdakı surələrdədir: 1. ”Səcdə” surəsi, 15-ci ayə; 2. ”Fussilət” surəsi, 37-ci ayə; 3. “Nəcm” surəsi, 62-ci ayə; 4. “Ələq” surəsi, 19-cu ayə. Ayələrində səcdə müstəhəbb olan surələr: 1. “Əraf” surəsi, 206-cı ayə; 2. “Rəd” surəsi, 15-ci ayə; 3. “Nəhl” surəsi, 50-ci ayə; 4. “İsra” surəsi, 109-cu ayə; 5. “Məryəm” surəsi, 58-ci ayə; 6. “Həcc” surəsi, 18-ci ayə; 7. “Həcc” surəsi, 77-ci ayə; 8. “Furqan” surəsi, 60-cı ayə; 9. “Nəml” surəsi, 26-cı ayə; 10. “Sad” surəsi, 24-cü ayə; 11. “İnşiqaq” surəsi, 21-ayə. Səcdə ayələrinin ümumi əhkamını aşağıdakı şəkildə bəyan etmək olar: 1. Hər kəs səcdə vacib olan ayələri (dörd ayəni) özü oxusa, yaxud qulağı ilə eşitsə, ayə tamam olduqdan sonra tez səcdə etməlidir. Əgər səcdəni unutsa, onda hər vaxt yadına düşsə, onu yerinə yetirməlidir. 2. Əgər bu ayələri radio və televizordan birbaşa canlı şəkildə eşitməsə, səcdə vacib deyil. Amma əgər birbaşa canlı yayımda eşitsə, səcdə vacibdir. 3. İnsan səcdə etdikdə alnını səcdə niyyəti ilə yerə qoymalıdır. Əgər zikr deməsə də, səcdə səhihdir. Amma yaxşı olar ki, bu zikri desin: “La İlahə İlləllahu həqqən həqqa. La İlahə İlləllahu imanən və təsdiqa. La İlahə İlləllahu ubudiyyətən və riqqa. Səcədtu ləkə ya Rəbbi! Təəbbüdən və riqqa. La müstənkifən və la müstəkbirən, bəl ənə əbdün, zəlilun, zəifun, xaifun, müstəcirun!”

QURANI KƏRIM 10.02.2025

“Ənkəbut” surəsi

“Ənkəbut” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!” – deyən kimi onlardan əl çəkiləcək və imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Allahın doğru və yalan danışanlarla bağlı elmi aşkara çıxmalıdır. Yaramaz işlər görənlər Bizim qüdrətimizi üstələyəcəklərinimi güman edirlər? Necə də pis mühakimə yürüdürlər! Allahla görüşəcəyinə ümid bəsləyənələr (Onun əmrinə itaət göstərməyə çalışmalıdırlar), çünki Allahın müəyyənləşdirdiyi zaman, hökmən, gələcəkdir. O, eşidəndir, biləndir. Ciddi-cəhdlə fəaliyyət göstərən özü üçün çalışır. Çünki Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur. —————————————————————————————- Quranın başqa bir öncəgörənliyi: Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etmək qərarına gəldikdə vətəni Məkkə üçün darıxdı, simasına qəm çökdü. Bu vaxt vəhy mələyi Cəbrail (ə) enib ondan soruşdu: “Doğulduğun şəhəri doğurdanmı çox sevirsən?” Peyğəmbər (s) buyurdu: “Bəli.” Cəbrail dedi: “Allah sənə belə bir xəbər göndərdi: “Quranı sənə vacib buyuran səni qayıdacağın yerə (vətəninə) mütləq qaytaracaqdır.” Bu vədin reallaşdığından, Peyğəmbərin (s) güclü bir ordu, qüdrət, əzəmət və qələbə ilə Məkkəyə qayıtmasından, Allahın əmin-amanlıq evinin ona müharibəsiz və qan tökülmədən təslim edildiyindən xəbərimiz var.[1] “Ənkəbut” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi mövzular dörd bölmədə ümumiləşdirilmişdir: 1. Sınaq və münafiqlərin vəziyyəti; 2. Peyğəmbərlər tarixindən, onların kafir və günahkarlarla mübarizəsindən fraqmentlər; 3. Tövhid, şirkin inkar edilməsi, Allahın yaradılış aləmindəki nişanələri; 4. Həm qondarma tanrılar, həm də onlara ibadət edənlərin hörümçək qədər zəif və acizliyi, habelə Quranın əzəməti, İslam peyğəmbərinin haqq olmasının dəlilləri, namaz, ata-anaya yaxşılıq, saleh əməllər, müxaliflərlə məntiqli davranış tərzi kimi bəzi tərbiyəvi məsələlər və sair mövzular.[2] 2-3. Sınağın müxtəlif formaları: Bu ayələr göstərir ki, imtahan Allahın əbədi və dəyişməz qanunudur. Hər bir zümrə və cəmiyyət bu ilahi qanunda özünəməxsus pay sahibidir. Allahın sınağı onlar üçün fərqli-fərqli simalarda təzahür edir. Bəzən bir qrup insan hər cəhətdən günah çirkabına bulaşmış mühitdə yaşamaq məcburiyyətində qalır, fitnə-fəsad vəsvəsəsi onları hər tərəfdən əhatə edir. Onların ən böyük sınağı mühitin rəngini almamaq, öz təmizliklərini qorumaqdır. Bəzi insanlar məhrumiyyətlərə məruz qalırlar. Varlıqlarının əsas sərmayəsindən imtina edəcəkləri təqdirdə məhrumiyyətləri və yoxsulluqları da sona yetəcəyi halda, imanlarını, təqvalarını, azadlıqlarını, izzət və şərəflərini qorumaq üçün bunu etmirlər. Onların sınağı budur. Bəziləri bol nemət içində üzür, ixtiyarlarında bütün maddi imkanlar olur. Belə bir imkana malik olanların sınağı şükür etməkdir. Bəzən elə ölkələr olur ki, əhalisi Allahdan, ilahi dəyərlərdən və əxlaqdan uzaq olduğu halda, göz qamaşdıran maddi mədəniyyətə, yüksək sosial rifaha malik olur. İnsanları sirli bir cazibə bu həyat tərzinə doğru sürükləyir, inandıqları bütün dəyərləri ayaqları altına atmaları, zillət və xarlığı qəbul etmək müqabilində belə bir həyat tərzinə malik ola bilərlər. Bu da digər bir sınaq formasıdır. Müsibətlər, dərdlər, çətinliklər, müharibələr, münaqişələr, qıtlıq, bahalıq, inflyasiya, insanları əsarət boyunduruğuna salmağa çalışan, despot proqramlara təhrik edən diktator hökumətlər, nəfsani istəklər və ehtirasların güclü dalğaları və sair, hər biri Allah bəndələrinin yolu üzərində duran sınaqlardır. İnsanların imanı, şəxsiyyəti, təqvası, təmizliyi, əmanətdarlığı, azadlığı məhz bu cür səhnələrdə bəlli olur. Bu çətin sınaqlardan üzüağ və qalib çıxmaq üçün davamlı çalışmaq, Allahın xüsusi lütf və mərhəmətinə sığınmaq yeganə xilas yoludur. Bu ayənin təfsirini ehtiva edən bir hədisdə belə deyilir: “Qızıl kürədə yoxlandığı kimi yoxlanırlar, od qızılın xalis olmayan qatqılarını sıradan çıxarıb saflaşdırdığı kimi saflaşırlar.”[3] Möminlərin əmiri İmam Əlinin (ə) bir hədisində belə deyilir: “Bəla zalım üçün ədəb, mömin üçün sınaq, peyğəmbərlər üçün dərəcə, övliyalar üçün kəramətdir.” İmam Əlinin (ə) peyğəmbərlərin xüsusiyyətlərindən bəhs edən bir xütbəsində deyilir: “Allah peyğəmbərlərini aclıqla imtahan etdi, çətiniliklərlə qarşılaşdırdı, qorxulu hadisələrlə sınadı, çətinliklərlə saflaşdırdı.”[4] Hər halda, iman gətirdiklərini elan edən kimi cənnətliklərlə eyni yerdə olacaqlarını düşünənlər yanılırlar.[5] İman gətirib yaxşı işlər görənlərin günahlarının üstünü örtərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq. Biz insana ata-anası ilə gözəl davranmağı tövsiyə etdik. Əgər onlar (müşrik olsalar və) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səy göstərsələr, onlara tabe olma. Dönüşünüz Mənə olacaq, Mən də sizi bütün etdiklərinizdən xəbərdar edəcəyəm. İman gətirib yaxşı işlər görənləri əməlisalehlər zümrəsinə daxil edəcəyik. İnsanlardan: “Allaha iman gətirdik!” – deyənlər də vardır. Amma Allah yolunda əzab-əziyyətə məruz qaldıqda insanların işkəncələrini Allahın əzabı ilə eyni tuturlar. Rəbbin tərəfindən bir zəfər gəldikdə isə: “Biz də sizinlə idik!” – deyərlər. Məgər Allah yaradılmışların kökslərində olanları ən yaxşı bilən deyilmi? Şübhəsiz ki, Allah iman gətirənləri də tanıyır, münafiqləri də. Kafirlər möminlərə: “Bizim yolumuzla gedin, biz sizin günahlarınızı öz üstümüzə götürəcəyik” – deyirlər. Halbuki onlar bunların heç bir günahının altına girən deyillər. Şübhəsiz ki, onlar yalançıdırlar. Onlar həm öz (günah) yüklərini və həm də onlarla yanaşı, neçə-neçə yükləri daşıyacaqlar. Qiyamət günü onlar uydurduqları şeylər barəsində, mütləq, sorğu-suala çəkiləcəklər. Biz Nuhu öz qövmünə doğru göndərdik. O, onların arasında doqquz yüz əlli il qaldı. Nəhayət, tufan onları zülm etdikləri zaman yaxaladı. —————————————————————————————— Ata-anaya yaxşılıq və onun istisnası: Quranda valideynə yaxşılıq edilməsi kimi mühüm və insani mövzuya bir neçə yerdə toxunulmuşdur. Surənin əvvəlki ayələrində qeyd edilən bu tövsiyə Allahın böyük sınaqlarından biridir. Bəzən valideynlər ömürlərinin elə çağına çatırlar ki, onlara baxmaq çətinləşir. Övladlar məhz belə bir vaxtda sınaqdan çıxmalı, boyunlarında olan haqları yerinə yetirməli, Allahın əmrinə itaət göstərməli, ata-analarına yaxşı baxmalıdırlar. Bir gün bir nəfər Peyğəmbərdən (s): “Mən kimə yaxşılıq edim?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Həmin şəxs: “Ondan sonra kimə?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Sual verən adam üşüncü dəfə: “Ondan sonra kimə?” – deyə soruşur. Peyğəmbər (s): “Anana”, – deyə cavab verir. Dördüncü dəfədə Peyğəmbər (s) ata və insana yaxın olan digər qohumlara yaxşılıq etməyi tövsiyə edir. Bir çox kitabda yer almış başqa bir hədisdə Peyğəmbərin (s) belə buyurduğunu görürük: “Cənnət anaların ayaqları altındadır!” Ancaq bu sevginin insan və Allah münasibətlərindən, habelə iman şərtlərindən üstün olması ehtimalının qarşısını almaq üçün Allah bir istisna ilə məsələyə aydınlıq gətirir: “Əgər onlar (müşrik olsalar və) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səy göstərsələr, onlara tabe olma”. Buradan da məlum olur ki, heç nə Allah ilə insan münasibətindən üstün ola bilməz. Bu münasibət bütün həqiqətlərin fövqündə dayanır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Allaha itaətsizliklə şərtlənən yaradılmışa itaət doğru deyil.” Bənzər ayə “Loğman” surəsində də yer almışdır. “Loğman” surəsindəki ayədə sadəcə, bu cümlə artıqdır: “Dünyada onlarla gözəl davran”. Yəni onların şirkə dəvətini qəbul etməməklə yanaşı, dünya həyatında onlara yoldaş olmalı və onlarla yaxşı keçinməlisən. Quranın şirkə və digər günahlara dəvət etdikləri zaman ata-anaya qarşı çıxmağa icazə verməsi belə bir təsəvvür yaratmasın ki, onlarla pis davranılmasına icazə verilmişdir.[6] Az əziyyət çəkib çox istəyən münafiqlər: Əvvəlki ayələrdə saleh möminlər və müşriklərdən danışıldı. Bu ayədə üçüncü qrup insanlardan, yəni münafiqlərdən danışılır. Ayədə Allahın cəzası əzab, insanların yaratdığı çətinliklər fitnə adlandırılmışdır. Allah başa salmaq istəyir ki, insanların yaratdığı çətinliklər əzab deyil, sınaq və insanların kamilləşməsi üçün bir vasitədir. Buna görə də onlara bu ikisini müqayisə etməmək, müxaliflərin onlara əzab və işkəncə verdiklərini bəhanə etməmək, imanlarından əl çəkməmək göstərişi verir, bunun dünyada bir sınaq olduğunu bildirir. Nəzər nöqtəsi olan ayə bir məsələyə aydınlıq gətirir. O da budur ki, münafiq təkcə qəlbində iman olmayıb mömin olduğunu deyən şəxs deyil, imanı zəif olan, başqalarının təzyiqi ilə əqidəsini dəyişən də münafiq sayılır.[7] Təbii ki, təqiyyənin bu mövzuya heç bir aidiyyatı yoxdur. (Daha ətraflı məlumat üçün bax: Nəhl – 106). Siz günah edin, babalı bizim boynumuza: Bu ayədə müşriklərin zəif və puç bir məntiqlərinin bir nümunəsinə işarə edilmişdir. Bu gün də bir çox qıcıqçıların yanlış bir iş tutmağa çağırış edərkən “günahı mənim boynuma” demələrinə çox rast gəlirik. Halbuki kimsənin başqasının günahını götürə bilməyəcəyini yaxşı bilirik. Çünki Allah adildir və heç kəsi başqasının cinayətinə görə cəzalandırmaz. Bundan əlavə, bu cür əsassız sözlər insanı hər hansı davranışa görə daşıdığı məsuliyyətdən azad etmir. Bəzi dardüşüncəli insanların bu cür danışıqları insanın cəzasından iynə ucu qədər də azaltmır. Bu, şirkə, küfrə, bütpərəstliyə və zülmə dəvət edənlərin heç bir cəzasının olmayacağı təsəvvürünün qarşısını almaq üçün onların öz günah yüklərini daşımaqla yanaşı başqalarının da günah yüklərini daşıyacaqlarını buyurur. Hər hansı işə stimul vermək işin bir hissəsi sayıldığı üçün onların götürəcəkləri əlavə günah yükünə günaha çağırış və təhrik səbəb olur.[8] Biz onu və gəmidə olanları xilas edib onu bütün aləmlərə bir əlamət etdik. İbrahimi (də) göndərdik. Bir zaman o, öz qövmünə demişdi: “Allaha ibadət edin və Ondan qorxun! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir. Siz Allahı qoyub ancaq bütlərə ibadət edir və yalan uydurursunuz. Allahdan başqa ibadət etdikləriniz sizə ruzi vermək iqtidarında deyillər. Ruzini yalnız Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız”. Əgər siz (məni) yalançı hesab etsəniz, (heç də təəccüblənmərəm,) sizdən əvvəlki qövmlər də (öz peyğəmbərlərini) yalançı saymışdılar. Peyğəmbərin vəzifəsi isə yalnız aydın şəkildə çatdırmaqdır. Onlar Allahın yaradılmışları necə xəlq etdiyini, sonra da yenidən qaytardığını görmürlərmi? Bu, Allah üçün asandır. De: “Yer üzünü gəzib dolaşın və Allahın məxluqatı ilk dəfə necə yaratdığına baxın. Sonra Allah axirət dünyasını yaradacaq. Həqiqətən, Allah hər şeyə qadirdir. O, istədiyinə əzab verir, istədiyinə də rəhm edir. Siz Ona doğru qaytarılacaqsınız. Siz əsla Allahın iradəsinə üstün gələ, nə yerdə, nə də göydə Onun qüdrətindən qaça bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”. Allahın ayələrini və Onunla görüşü inkar edənlər Mənim rəhmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün ağrılı-acılı bir əzab vardır. —————————————————————————————– Ruzini Allahdan istəyin: Bütpərəstlər bütləri mələk və cinlərin atributları hesab edir, onları razı salmaq üçün bu atributlara sitayiş edir, əvəzində onların xeyir-bərəkət, ruzi göndərdiklərinə inanırdılar. Ancaq həzrət İbrahim (ə) onlara xeyir-bərəkətin və ruzinin bütlərin deyil, onları yaradan, həyatlarını davam etdirmək üçün ruzilərini də verən Allahın əlində olduğunu xatırladır. Daha sonra İbrahim (ə) daha mühüm məsələyə işarə edərək ruzi və onun səbəblərinin sitayiş və ibadət səbəbi olmadığını bildirir. Ruzinin xüsusi səbəbləri var və fərdlərin imanından və küfründən asılı deyil. Kafirə çox ruzi nəsib ola biləcəyi halda, möminə az ruzi nəsib ola bilər. İnsan elə tanrıya şükür və ibadət etməlidir ki, qayıdışı Ona tərəfdir, Onun əli ilə qaldırılacaq, əbədi xoşbəxtlik və ya bədbəxtliyinə Onun əmri ilə qovuşacaq.[9] Dünyanı gəzmək: Dünyanın müxtəlif yerlərində qədim dövrlərdən qalmış abidələr tarixin canlı sənədləridir. Hətta biz yazılı tarixdən daha çox məhz onlardan faydalanırıq. Keçmiş dövrlərdən qalmış abidələr, şəkillər, rəsmlər və kitabələr bizə xalqların ruhu, qəlbi, təfəkkürü, gücü, qüdrəti, əzəməti və süqutu ilə bağlı məlumat verir. Halbuki tarix onların yalnız baş vermiş hadisələrini, cansız və quru şəkillərini təcəssüm etdirir. Diktatorların saraylarının xarabalıqları, əsrarəngiz Misir ehramları, Babil qəsri, Kəsranın sarayları, Səba xalqının mədəniyyət qalıqları və dünyanın ayrı-ayrı yerlərində mövcud olan digər abidələrin hər biri danışmasa da min dilə malikdir, danışır. Canlı tarixdən bir sətir oxumaq bir tarix kitabını oxumağa bərabərdir. İnsanın ruhunun oyanışında rol oynayan bu oxunuş heç nə ilə müqayisə edilə bilməz. Qədim dövrlərə aid abidələrin qarşısında dayandıqda xarabalıqlar sanki canlanır, çürümüş sümüklər torpağın altından qalxır, öz əvvəlki simalarında hərəkət etməyə başlayırlar. Yenidən baxdıqda hamısını sakit, unudulmuş və tərk edilmiş halda görərik. Bu iki vəziyyətin müqayisəsi ötəri istəklər üçün minlərlə cinayətlərə əl atan təkəbbürlü və özlərini başqalarından üstün tutan insanların nə qədər dardüşüncəli olduqlarının şahidi oluruq. Buna görə də Quran insanlara yer üzünü gəzmək, səyahət etmək, yerin altında olan qədim abidələri öz gözləri ilə görmək, baxıb ibrət dərsi çıxarmaq göstərişi verir. İslamda səyahət və turizmə çox böyük əhəmiyyət verilir. Məqsəd isə keçmiş xalqların abidələrini araşdırmaq, onların aqibəti ilə yaxından tanış olmaq, dünyanın müxtəlif nöqtələrində Allahın əzəmətini müşahidə etməkdir. Quranda bu məsələ öz əksini “yer üzünü gəzin” göstərişində tapır. Quranın bir çox ayəsində bu mövzuya toxunulmuşdur. Nəml-69; Ənkəbut-20; Həcc-46 və sairəni buna misal göstərə bilərik. Təəssüf ki, İslamın bu faydalı göstərişi bir çox digər göstərişi kimi müsəlmanların diqqətindən kənarda qalmışdır.[10] Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!” – deməsi oldu. Lakin Allah onu oddan qorudu. Bu hadisədə mömin adamlar üçün nişanələr vardır. (İbrahim) dedi: “Siz Allahı qoyub dünya həyatında aranızda sevgi və məhəbbətə səbəb olan bütləri özünüzə tanrı seçmisiniz. Sonra isə Qiyamət günü bir-birinizdən uzaqlaşıb, bir-birinizi lənətləyəcəksiniz. Yeriniz oddur. Sizə yardım edəcək heç bir dost və yoldaş olmayacaq”. Lut ona (İbrahimə) iman gətirdi. (İbrahim) dedi: “Mən Rəbbimə doğru hicrət edirəm. Həqiqətən, O, qüdrətlidir, müdrikdir”. Biz ona İshaqı və Yaqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və kitab verdik. Dünyada onun mükafatını verdik. Axirətdə də əməlisalehlərdən olacaqdır! Lutu da göndərdik. Bir zaman o, öz qövmünə belə demişdi: “Siz özünüzdən əvvəl dünya xalqlarından heç kəsin etmədiyi çox çirkin bir əməli etdiniz. Siz kişilərin yanına gedir, yol kəsir (nəsil artımının qarşısını alır) və məclislərinizdə murdar işlər görürsünüz?” Qövmünün cavabı isə ancaq: “Əgər doğru danışanlardansansa, bizə Allahın əzabını gətir!” – deməsi oldu. (Lut) dedi: “Ey Rəbbim! Fitnə-fəsad törədən bu qövmə qarşı mənə kömək et!” ———————————————————————————- Bütlərin seçilməsi bütpərəstlər arasında necə sevgi səbəbi olur? Bu suala bir neçə yöndən cavab vermək olar: 1. Sitayiş və pərəstiş hər bir xalq və qəbilə üçün vəhdət rəmzi sayılırdı. Çünki hər zümrə özü üçün bir büt seçmişdi. Bütlərin ayrı-ayrı şəhər və qəbilələrə aid olduğunu yazırlar. Məsələn, “Üzza” Qüreyş qəbiləsinə, “Lat” Səqif, “Mənat” Ovs və Xəzrəc qəbilələrinə məxsus idi. 2. Bütlərə sitayiş onlarla əcdadları arasında əlaqə vasitəsi hesab edilirdi. Elə məhz buna görə onların atalarının mirası olduğunu bəhanə gətirib onlara sitayişi bununla izah edirdilər. 3. Kafirlərin rəhbərləri öz ardıcıllarını bütlərə pərəstiş etməyə çağırırdılar. Bu, başçı ilə ardıcılları arasında bir əlaqə vasitəsi hesab edilir. Ancaq Qiyamətdə bütün bu puç, çürümüş, saman çöpündən olan əlaqələr darmadağın olacaq, bir-birlərini günahlandıracaq, lənətləyəcəklər. Hətta xam xəyalları ilə Allahla onlar arasında vasitəçi olduğunu düşündükləri və “biz bunlara yalnız ona görə pərəstiş edirik ki, bizi Allaha yaxınlaşdırırlar” (Zümər-3) – deyə iddia etdikləri tanrılar onlardan qaçacaq. Allah-taala belə buyurur: “Tezliklə məbudlar onların ibadətlərindən imtina edəcək, onlara qarşı çıxacaqlar”. (Məryəm-82) “Qiyamət günü bir-birinizdən uzaqlaşıb, bir-birinizi lənətləyəcəksiniz” deyilərkən onların Qiyamət günü bir-birindən uzaqlaşması, dünyada yalançı məhəbbətlərinə səbəb olan vasitənin axirətdə ədavət və düşmənçiliklərinə səbəb olacağı nəzərdə tutulur. “Zuxruf” surəsinin 67-ci ayəsində belə buyururlur: “O gün müttəqilərdən başqa (bütün) dostlar bir-birinə düşmən kəsiləcəklər”. Bəzi hədislərdən belə məlum olur ki, bu məsələ təkcə bütpərəstlərə deyil, batil bir rəhbəri özünə başçı seçən, batilin yolunu gedən, onunla dostulq edən hər kəsə aiddir. Onlar Qiyamətdə bir-birinə düşmən kəsiləcək, bir-birini lənətləyəcəklər. Ancaq münasibətləri bu dünyada tövhid, allahpərəstlik, Allahın əmrinə boyun əymək prinsipinə əsaslanan möminlərin bir-birinə qarşı olan məhəbbəti əbədilik rəngi alacaq, və orada daha da möhkəmlənəcək. Bəzi hədislərdə qeyd olunanlara görə, möminlər orada bir-biri üçün bağışlanma diləyəcək, müşriklər isə bir-birini lənətələmək və nifrin etməklə məşğul olacaqlar[11]. İbrahimin (ə) hicrəti: İlahi rəhbərlər öz missiyalarını hər hansı bir məkandan başlayırdılar. Həmin məkanların mühiti o qədər çirkin və oradakı despotların təzyiqləri o qədər güclü olurdu ki, missiyanın inkişafının tamamilə qarşısını alırdı. Buna görə də ilahi rəhbərlər Allahın dinini yaymaq üçün hicrət etmək məcburiyyətində qalırdılar. İbrahim (ə) də Lut peyğəmbər (ə) və həyat yoldaşı Sara ilə birlikdə Babildən Şama doğru hərəkət etmək və tövhid inancını oradan yaymaq məcburiyyətində qalmışdı. İbrahim (ə) özü bu barədə belə buyurmuşdur: “Mən Rəbbimə doğru (Onun dinini yaymaq üçün) hicrət edirəm.” Çünki bu yol Allah yolu, Onun razı qaldığı yol, göndərdiyi dinin yolu idi[12]. İbrahimin (ə) mükafatı: Təfsirçilər bu mükafatın nə olması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bunun dünyadakı gözəl maddi və mənəvi həyat olduğunu bildirirlər. Belə ki, “Nəhl” surəsinin 123-cü ayəsində Allah-taalanın belə buyurduğunu görürük: “Biz dünyada ona yaxşılıq bəxş etdik, o, axirətdə yaxşılardandır.” Bəziləri hesab edirlər ki, o, digər möminlərin də axirətdə nail olacağı Allaha yaxınlıq məqamıdır. Allah bu məqamı İbrahimə (ə) bu dünyada bəxş etmişdir[13]. Bəziləri hesab edirlər ki, bəlkə də bu mükafat bütün ümmətlər arasında onun bir örnək kimi yaxşı adla xatırlanmasıdır. Belə ki, hər kəs İbrahimə (ə) böyük bir peyğəmbər kimi hörmət bəsləyir, onun varlığı ilə fəxr edir. Onun duası ilə Məkkənin əmin-amanlıq məkanına çevrilməsi, hər il həcc mərasimi dövründə bütün qəlblərin ona doğru cəzb olunması, onun imana səbəb olan əzəmətli xatirələrinin yada salınması bu mükafatların bir hissəsi hesab edilə bilər.[14] Elçilərimiz İbrahimə (övladının olacağı ilə bağlı) müjdə gətirdikləri zaman dedilər: “Biz (Lutun ezam olunduğu) bu şəhərin sakinlərini məhv edəcəyik. Çünki oranın sakinləri zalımdırlar”. (İbrahim) dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də xilas edəcəyik. Yalnız arvadından başqa. O, (günahkar) qövmün arasında qalacaq”. Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, (günahkar) qövmün arasında qalacaq. Biz günah əməllər törətdiklərinə görə bu şəhərin sakinlərinin üstünə göydən bir əzab endirəcəyik”. Biz düşünən adamlar üçün o şəhərdən açıq-aydın bir əlamət saxladıq. Mədyən əhalisinə də qardaşları Şüeybi göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin, axirət gününə ümid bəsləyin və yer üzündə fəsad törətməyin”. Onlar isə onu yalançı saydılar. Buna görə də onları zəlzələ yaxaladı və səhər tezdən onlar evlərində ölü və üzüqoylu düşmüşdülər. Ad və Səmud qövmünü də (məhv etdik). Onların məskənləri sizə bəllidir. Şeytan onlara etdikləri əməlləri gözəl göstərib haqq yoldan çıxardı. Halbuki onların görən gözləri var idi.   ————————————————————————————- İbrahimin (ə) Lutun (ə) qövmünə ürəyi yanır: Həzrət İbrahim (ə) “orada Lut da var” deyərkən Lutun (ə) da xilas olması üçün əzabın Lut qövmünün üzərindən götürülməsini istəyir. Mələklər isə ona belə cavab verirlər: Bizim bundan xəbərimiz var. Biz Lut və ailəsi istisna olmaqla hər kəsi məhv edəcəyik. Arvadı da məhv olanların içində olacaq. İbrahim (ə) Lutun (ə) peyğəmbər olduğunu, Allahın onu da şəhər əhalisi ilə birlikdə məhv etməyəcəyini bilirdi. Mələklərin əzab xəbəri onda Lutla (ə) bağlı bir qorxu da yaratmamışdı. Sadəcə, İbrahim (ə) həzrət Lutun (ə) hesabına başqalarının da əzabdan xilas olmasını istəyirdi. (Bu mövzu haqqında “Hud” surəsinin 74-76-cı ayələrində bir qədər ətraflı məlumat verilmişdir.) İmam Sadiq (ə) hədislərinin birində mələklərin İbrahimin (ə) yanına gəlməsi və ona verilən müjdədən danışarkən sözlərinə bunları əlavə edir: “İbrahim mələklərə deyir: – Nə üçün gəlmisiniz? Mələklər: – Lut qövmünü məhv etməyə. İbrahim (ə): – Əgər onların yüz nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların əlli nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların otuz nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların iyirmi nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların on nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların beş nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Əgər onların bir nəfəri mömin olsaydı, necə? Cəbrail (ə): – Xeyr (əzab nazil olmazdı). İbrahim (ə): – Lut həmin şəhərdədir. Cəbrail (ə): – Biz orada olanları yaxşı tanıyırıq. Onu və ailəsini xilas edəcəyik, təkcə arvadından başqa. O, geridə qalanlardan olacaq.” İmam Həsən ibn Əli (ə) bu hədis haqqında belə buyurmuşdur: “Mən İbrahimin (ə) söhbətindən yalnız belə qənaətə gəlirəm ki, o, Lut qövmünün yaşamasını istəmişdir. Bunu Allah-talanın “Lut qövmü ilə bağlı bizimlə mübahisə edirdi” ayəsindən başa düşmək olar.” (Hud-74).[15] Lutun (ə) ürəyinin sıxılması: Lut (ə) mələkləri tanımadığı üçün narahat olmuşdu. Onlar gözəl gənclər surətində gəlmişdilər. Bu cür qonaqların belə çirkin mühitə gəlişi Luta (ə) problem yarada və qonaqların yanında onun utanmasına səbəb olacaq hərəkətlərin baş verməsinə gətirib çıxara bilərdi. Buna görə də azğın, həyasız və utancverici qövmünün bu qonaqlar qarşısında necə davranacağından bərk narahat idi. “Hud” surəsindən də məlum olur ki, bu həyasız qövm qonaqlardan xəbər tutduqda durmadan Lutun (ə) evinə axışır və onlara hörmətsizlik etmək istəyirlər. Hələ də mələklərin həqiqi kimliyindən xəbərsiz olan Lut (ə) təşivşə düşür. Gah nəsihət, gah təhdid etməklə, gah vicdanları oyatmaq üçün “aranızda alicənab bir kişi yoxdurmu?” deməklə, gah da qızları ilə evlənmələrini təklif etməklə onlara mane olmağa çalışır. Ancaq bu utanmazlar heç nə ilə qane olmur, yalnız öz mənfur və utancverici məqsədlərini düşünürlər. Bu vaxt Allahın elçiləri özlərini Luta (ə) tanıtdırır, ilahi möcüzə ilə hücum çəkmiş qövmün gözünə pərdə çəkir, Allahın bu böyük peyğəmbərinin qəlbini sakitləşdirirlər.[16] Açıq-aydın əlamət: Bax:”Hicr” surəsi, 76-cı ayə. Göz sahibi olanlar: Bəzi təfsirçilər “onların görən gözləri var idi” cümləsini təfsir edərkən bu sözlə onların görən gözə, ağıl və dərrakəyə, bəziləri, sağlam fitrətə malik olduqlarının, bəziləri isə doğru yolu göstərən peyğəmbərlərlə təmin olunduqlarının nəzərdə tutulduğunu qeyd etmişlər. Bu sözün bütün bu mənaları eyni anda ifadə etməsinin heç bir problemi yoxdur. Yəni Allah demək istəyir ki, onlar üzrlü cahillər deyildilər, haqqı tanıyırdılar, vicdanları oyaq idi, kifayət qədər ağıllı və dərrakəli idilər, peyğəmbərlər də onlara hər şeyi başa salmışdı. Ancaq bütün bunlara baxmayaraq, ağıl və vicdanın səsinə, peyğəmbərlərin çağırışına əhəmiyyət vermir, Şeytanın vəsvəsələrinin arxasınca düşür, çirkin əməllərinin gözlərində gözəl görünməsi günbəgün artırdı. Özlərini dönüşü olmayan bir həddə çatdırmışdılar. Yaradılış qanunu bu quru və faydasız “odun”ları oda məhkum etdi[17]. Qarunu, Fironu və Hamanı da (məhv etdik.) Musa onlara aydın dəlillər gətirdi. Onlar isə yer üzündə təkəbbürlük etdilər, ancaq (Allahdan) üstün ola bilmədilər. Biz onların hər birini öz günahına görə yaxaladıq. Onlardan bəzisinin üstünə çınqıl tufanı göndərdik, bəzisini göydən gələn qorxunc səs yaxaladı, bəzisini yerə batırdıq, bəzisini də (suya) qərq etdik. Allah onlara əsla zülm etmədi, amma onlar özləri özlərinə zülm edirdilər. Allahdan başqasını özlərinə rəhbər tutanlar özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Yuvaların ən zəifi isə, əlbəttə ki, hörümçək yuvasıdır. Kaş ki, biləydilər! Allah onların Onu qoyub nəyi çağırdıqlarını bilir. O, yenilməz qüdrət sahibidir, müdrikdir. Bunlar bizim insanlar üçün çəkdiyimiz məsəllərdir. Onları isə yalnız bilən adamlar dərk edər. Allah göyləri və yeri haqq olaraq yaratmışdır. Bunda möminlər üçün bir əlamət vardır. Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki namaz (insanı) çirkinliklərdən və günahdan çəkindirir. Allahı xatırlamaq daha böyükdür. Allah nə etdiyinizi bilir. ———————————————————————————— Zəif himayədarlar hörümçək yuvaları kimidir: Bu ayədə Allahdan qeyrisini özünə tanrı və himayədar seçən insanlar üçün gözəl bir misal qeyd edilmişdir. Bu misal üzərində nə qədər çox düşünsək, daha çox incəliklərə vararıq. Hər bir heyvan və ya həşərat özü üçün ev düzəldir, yuva qurur. Ancaq bu evlərin heç biri hörümçək yuvası kimi zəif deyil. Nazik saplardan hörülmüş hörümçək yuvasının nə divarı olur, nə tavanı, nə həyəti, nə də qapısı. Üstəlik, yuvanın hörülməsində istifadə edilən ləvazimat o qədər zəif və davamsızdır ki, heç nəyə müqavimət göstərə bilmir. Mülayim külək əsdiyində bütün sapları sökülür, bir neçə yağış damcısı ilə darmadağın olur, azacıq od qarşısında məhv olur, hətta üzərinə toz-torpaq da qonduğunda davam gətirmir, parçalanıb evin tavanından sallanır. Yalançı tanrılar da belədir, nə bir xeyirləri var, nə ziyanları, nə bir problemi həll edirlər, nə də çıxılmaz vəziyyətdə sığınacaq olurlar. Bu yuva uzun və hündür ayaqlı hörümçək üçün həm istirahət yeridir, həm həşərat ovlayıb qida tədarük etmək üçün tələ. Ancaq digər heyvanların yuvaları ilə müqayisədə sonsuz dərəcə zəif və davamsızdır. Allahdan qeyrisinə güvənənlərin güvənc yerləri hörümçək toru kimidir. Fironların taxt-tacı, qarunların saysız-hesabsız var-dövləti, şah və hökmdarların qəsrləri, xəzinələri hörümçək toru kimi etimad edilməyəcək qədər zəifdir, hadisələr qasırğasına qarşı duruş gətirə bilmir. Ancaq Allaha iman gətirən və Ona təvəkkül edərək ömür sürənlər kürəklərini polad söykənəcəyə söykəmiş kimidirlər.[18] Namazın ən böyük fəlsəfəsi: Namazın təbiəti insana ən güclü daşındırıcı amili, yəni xilqət və məada etiqadı xatırlatdığı üçün onu çirkinliklərdən və günahdan daşındırır. Namaza durub təkbir deyən insan Allahın hər şeydən üstün və uca olduğunu dilinə gətirir, Onun verdiyi nemətləri xatırlayır, bu nemətlərə görə şükür edir, Onu rəhman və rəhim olması ilə öyür, Qiyamət gününü xatırlayır, Allahın bəndəsi olduğunu etiraf edir, Ondan yardım diləyir, onu doğru yola yönəltməsini, qəzəbləndiyi və yolunu azmış insanların yolundan çəkindirməsini istəyir. Şübhəsiz ki, belə bir insanın ruhunda və qəlbində haqqa doğru bir hərəkət, paklıq və təmizliyə doğru bir cəhd, təqvaya doğru bir sıçrayış yaranacaq. O, Allah üçün əyilir, qarşısında alnını yerə qoyur, əzəmətində qərq olur, xudbinliyi, özünü üstün tutmağı unudur, Allahın təkliyini və Mühəmmədin (s) peyğəmbərliyini təsdiq edir, Peyğəmbərə (s) və ailəsinə salam göndərir, Allahdan Onun saleh bəndələri sırasında yer almasını istəyir. Bütün bunlar namaz qılan bəndənin varlığında böyük bir mənəviyyat dalğası yaradır. Bu dalğa günah qarşısında güclü bir sədd çəkir. Bəndə bu əməli sutka ərzində bir neçə dəfə təkrar edir, günün müxtəlif vaxtlarında maddi fəaliyyətlərlə məşğul olduğu üçün Allahı unudan bəndə bu təkrarlarla ali başlanğıcı xatırlayır. Bundan başqa, namaza hazırlaşarkən yuyunur, özünü təmizləyir, haram və qəsb malı özündən uzaqlaşdırır, dost dərgahına doğru yol alır. Bütün bunlar çirkinliklər və günah qarşısında daşındırıcı rol oynayır. Namaza İslamda o qədər böyük əhəmiyyət verilir ki, digər əməllərin qəbulu onun qəbulu ilə şərtlənir. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər kimsə namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyirsə, bu namazın onu çirkinliklərdən və günahlardan çəkindirib-çəkindirməməsinə baxsın. Əgər çəkindiribsə, namazı qəbuldur.” Əlbəttə, çirkinlik və günahların tərk edilməsi bir neçə mərhələdə gerçəkləşir. Namaz qılınma şərtlərindən asılı olaraq, bu mərhələlərdən bir neçəsini ehtiva edə bilər. Qılınan namaz nə qədər formal olsa da, namaz qılan nə qədər günaha bulaşmış olsa da, qıldığı namazının namaz qılana heç təsir etmədiyi mümkün deyil. Təbii ki, bu cür namazın təsiri çox az olur. Ancaq bir həqiqət də var ki, günahkar namazqılan sözügedən namazı qılmasa, daha çox günaha batar. Ənsardan olan bir gənc Peyğəmbərlə (s) birlikdə namaz qılsa da, çox çirkin günahlarla məşğul imiş. Bu barədə Peyğəmbərə (s) xəbər verildiyində “nəhayət, namazı bir gün onu bu əməllərdən daşındıracaq.” – deyə buyurmuşdu.[19] Yalnız zülm edənləri istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz Allah tərəfindən bizə və sizə nazil olana iman gətirmişik. Bizim də, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. Beləcə, kitabı (bu Quranı) sənə nazil etdik. Kitab verdiyimiz şəxslər də ona iman gətirirlər. Bunların (müşriklərin) arasında da ona iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edirlər. Sən bundan əvvəl nə bir kitab oxuyurdun, nə də əlinlə bir şey yazırdın. Yoxsa, sözlərini inkar etmək istəyənlər şübhəyə düşərdilər. Amma bu, elm verilmiş şəxslərin kökslərində qərarlaşmış açıq-aydın ayələrdir. Bizim ayələrimizi yalnız zalımlar inkar edirlər. Dedilər: “Nə üçün Rəbbi təfəindən ona möcüzə nazil olmadı?” De: “Möcüzələr hamısı yalnız Allah tərəfindəndir. Mən ancaq açıq-aydın qorxudanam”. Davamlı olaraq onlara oxuduğun kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi? Bunda iman gətirən adam­­lar üçün mərhəmət və xatırlatma vardır. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allahı inkar edənlər əsl ziyana uğrayanlardır”. ——————————————————————————————- Təhsil almayan şəxsin yazması: Oxumaq və yazmaq hər bir insan üçün imtiyaz hesab edilir. Ancaq şərait elə gətirir ki, yazmamaq və oxumamaq imtiyaz hesab edilir. Bu məsələ özünü peyğəmbərlər, xüsusilə də sonuncu peyğəmbərdə (s) daha çox doğruldur. Çünki təhsil görmüş alimlər, məlumatlı və çox mütaliə etmiş filosoflar peyğəmbərlik iddiası etsəydilər, səmavi kitab deyə bir kitab gətirdiklərini desəydilər, bu, həmin kitabın onların öz düşüncələrinin məhsulu olması ilə bağlı şübhə yaranmasına səbəb olardı. Amma çox geri qalmış bir cəmiyyətdən çıxmış, heç bir təhsil görməmiş, kitab oxumamış, hətta bir səhifə belə yazı yazmamış bir insan qalxıb çox ali məzmuna malik, varlıq aləmini əhatə edən bir kitab təqdim etdiyində artıq bu kitabın onun öz beyninin məhsulu deyil, səmavi vəhy və ilahi təlimin məhsulu olması ilə bağlı heç bir şübhəyə yer qalmır. Quranın başqa ayələrində də Peyğəmbərin (s) təhsil almadığı qeyd edilmişdir. Ümumiyyətlə, Hicazda İslam peyğəmbərinin (s) təhsil alacağı bir məktəb, dərs oxumaq üçün bir müəllim olmamışdı. Tarixi mənbələrin yazdığına görə, o dövrdə Məkkədə oxumaq və yazmaq savadı olan insanların sayı biri qadın olmaqla, on səkkiz nəfərdən çox olmamışdır. Təbii ki, ibtidai təhsillilərin sayının bu qədər az olduğu bir mühitdə kiminsə təhsil aldığı halda, camaatın ondan xəbər tutmaması qeyri-mümkün idi. Kiminsə qətiyyətlə “mən təhsil almamışam”, – deyə iddia etməsi, heç kəsin də buna etiraz etməməsi iddiaçının doğru danışmasının aşkar göstəricisidir. Hər halda Peyğəmbərin (s) bu ayələrdə qeyd edilmiş önəmli xüsusiyyəti Quran möcüzəsinin təkmilləşməsində və bəhanəçilərin bəhanələrinin qarşısının alınmasında mühüm rol oynayır. O, yalnız vəhy məktəbindən bəhrələnmiş böyük və misilsiz alim olmuşdur.[20] Alimlərin köksündəki parlaq ayələr: Əvvəlki ayədə Peyğəmbərin (s) təhsil almadığı və əsla yazı yazmadığı qeyd edilmişdir. Buradan Quranın insan tərəfindən yazılmadığı məlum olur. Burada ortaya belə bir sual çıxır: Bəs Quran nədir? Quran nəzər nöqtəsi olan ayədə bu suala belə cavab verir: “Bu, elm verilmiş şəxslərin kökslərində qərarlaşmış açıq-aydın ayələrdir.”[21] “Açıq-aydın ayələr” ifadəsi Quranın haqq olduğunu göstərən ayələrin Quranın özündə yer aldığını, ayələrin özlərinin bəyan etdiyini və ayələrin dəlillərinin elə onların özlərində olduğunu göstərir. Əsl həqiqətdə Quranın ayələri obyektiv aləmin nişanələri kimidir; insan onları araşdırdıqca, heç nəyə ehtiyac duymadan onların gerçək olduğunu dərk edir. Qanunvericiliklə bağlı olan ayələr də məzmun və forma baxımından düz olduqlarını sübuta yetirirlər. Bundan əlavə, bu ayələrə tabe olanlar və ona ürək bağlayanların əlləri nə qədər boş və ayaqları nə qədər yalın olsa da, elm və ayıqlıqdan nəsibi olan insanlardır. Daha dəqiq desək, hər hansı məktəbin orijinallığını öyrənməyin yollarından biri həmin məktəbə inanan möminlərin vəziyyətinin araşdırılmasıdır. Əgər insanın ətrafını nadan və fırıldaqçılar bürüyərsə, həmin şəxsin də eyni xüsusiyyətin daşıyıcısı olduğu ehtimalı böyük olur. Kökslərində elmlərin sirləri yatmış insanlar hər hansı məktəbə qarşı sədaqət nümayiş etdirərlərsə, bu, həmin məktəbin düzlüyünün göstəricisidir. Belə ki, biz kitab əhlindən olan bir qrup alimin, Əbuzər, Salman, Miqdad, Əmmar Yasir və Əli (ə) kimi seçilən, təqvalı və böyük şəxsiyyətlərin bu məktəbin himayəçiləri və aşiqləri olduğunu görürük. Bir çox hədislərdə bu ayənin Əhli-beyt imamlarına (ə) aid olduğu qeyd edilmişdir. Təbii ki, ayənin məzmunu təkcə onlarla məhdudlaşmır, əslində, onlar ayənin ən parlaq nümunələridir. Bəzi hədislərdə burada təkcə imamların nəzərdə tutulduğu qeyd edilsə də, əsl məqsəd Quranın bütün elmlərinin İmamların (ə) ixtiyarında olmasıdır. Bu da alimlərin və düşüncəli insanların Quran elmlərindən faydalana bilməsi ilə heç bir təzad təşkil etmir.[22] Onlar səndən əzabın tez gəlməsini tələb edirlər. Əgər qərarlaşdırılmış bir vaxt təyin edilməsəydi, əzab onlara gələrdi. Nəhayət, bu əzab onlara qəfildən, özləri də hiss etmədən gələcəkdir. Cəhənnəm kafirləri əhatə etdiyi halda, onlar səndən əzabın tez gəlməsini istəyirlər. Əzabın onları başlarının üstündən və ayaqlarının altından əhatə edəcəyi və onlara: “Etdiyiniz əməllərin (cəzasını) dadın!” – deyəcəyi gün (çox çətin və ağrılı olacaq). Ey Mənim iman gətirmiş bəndələrim! Mənim bu yerim genişdir. Elə isə yalnız Mənə ibadət edin. (Düşmənlərin təzyiqləri qarşısında təslim olmayın!) Hər kəs ölümü dadacaqdır. Sonra sizi Bizə doğru qaytaracaqlar. İman gətirib layiqli işlər görənləri əbədi qalacaqları Cənnətdə altından çaylar axan otaqlarda yerləşdirəcəyik. Əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, (çətinliklər qarşısında) dözümlü olmuş və yalnız öz Rəblərinə təvəkkül etmişlər. O qədər canlı var ki, öz ruzisini daşıya bilmir. Allah onların da, sizin də ruzinizi verir. O, eşidəndir, biləndir. Əgər sən onlardan: “Göyləri və yeri kim yaradıb, günəşi və ayı kim ram edib?” – deyə soruşsan, onlar: “Allah!” – deyəcəklər. Bununla belə, onları (Allaha ibadət etməkdən) necə də sapdırırlar! Allah qullarından istədiyinin ruzisini genişləndirər, istədiyininkini də məhdudlaşdırar . Allah hər şeyi bilir. Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri öldükdən sonra dirildən kimdir?” – deyə soruşsan, onlar: “Allahdır!”– deyəcəklər. De: “Həmd və tərif Allaha məxsusdur!” Lakin onların çoxu bilmir. —————————————————————————————— Hicrət etmək lazımdır: Təfsirçilərin çoxu hesab edir ki, bu ayə Məkkədə kafirlərin təzyiqlərinə məruz qalmış və üzərlərinə düşən dini vəzifələri yerinə yetirə bilməyən möminlər haqqında nazil olmuşdur. Buna görə də onlara oradan köçmək göstərişi verilmişdir. Əlbəttə, bu qanun təkcə Məkkə möminlərinə aid deyil. Azadlığın müsəlmanlardan tamamilə alındığı, müsəlmanların ilahi proqramlardan uzaq düşdüyü, yalnız zillət və xarlığa məruz qaldıqları hər bir zamanda və məkanda müsəlmanların vəzifəsi tam və ya nisbətən azadlıq olduğu məkanlara hicrət etməkdir. Başqa sözlə desək, insan yaradılışının məqsədi Allaha bəndə olmaqdır. İnsanın azad, başıuca və bütün cəbhələrdə qalib olması onun həqiqi bəndəliyinin əlamətidir. “Yalnız Mənə ibadət edin!” cümləsində məhz bu məsələyə işarə edilmişdir. Bu əsas və son hədəf ayaqlar altına alındığı zaman yeganə yol hicrət etməkdir. Allahın yeri genişdir, başqa bir yerə köçmək və etnik, irqi, yerlibazlıq hisslərinin təsiri altına düşüb onların əsirinə çevrilməmək lazımdır. Bu anlayışlar əsl hədəfə təhlükə yaratmayacaq qədər dəyərlidir. İmam Əli (ə) buyurmuşdur: “Sənin üçün heç bir şəhər başqasından yaxşı deyil. Ən yaxşı şəhər səni qəbul edən və asudə yaşadığın şəhərdir.”[23] Allah sizə ruzi verir: İnsandan başqa digər canlılar, heyvanlar və həşəratlar arasında öz qidasını səhra və düzənliklərdən toplayıb yuvasına daşıyan və ehtiyat saxlayan çox az sayda canlı növü var. Digər canlılar adətən, hər gün yeni ruzi dalınca düşür. Ətrafımızda, uzaq və yaxın ərazilərdə, səhraların dərinliklərində, dağların zirvələrində, dənizlərin dibində milyonlarla canlının Allahın nemət süfrəsindən qidalandığından xəbərin olduğu, ruzi əldə etmək üçün onlardan daha zəkalı olduğunu bildiyin halda, nə üçün ruzinin kəsiləcəyindən qorxub çirkin və utancverici həyat tərzini qəbul edir, özünü zülm və zillətli həyat tərzinə məhkum edirsən? Bu darısqal və qaranlıq həyat çərçivəsindən çıx, Rəbbinin geniş süfrəsinin kənarında əyləş, qəm yemə. Ananın qarnında zəif və çarəsiz qaldığın, heç kəsin, hətta mehriban ata və ananın da əlinin çatmadığı vaxt Rəbbin səni unutmadı, ehtiyacın olanı ixtiyarına verdi. Bu gün isə sən artıq güclü və qüdrətlisən, öz ruzinin dalınca özün gedə bilərsən.[24] Ürəkdə Allah, dildə büt deyirlər: Ərəbistan yarımadasının bütpərəstləri varlıq aləminin tək Allah tərəfindən yaradıldığını qəbul etsələr də, kainatın idarə edilməsində şirkə düşmüşdülər. Onlar hesab edirdilər ki, dünyanı yaratdıqdan sonra Allah kainatın bəzi idarəçilik işlərini üstün məxluqlara həvalə etmiş, özü isə bir kənara çəkilmişdir. Bu məxluqlar mələklər, cinlər, müqəddəs ruhlar və sairədən ibarət idi. Onlara görə, bu varlıqların hər biri dünyanı ayrı-ayrı yönlərdən idarə edir; yaratmaqla idarəçilik ayrı-ayrı mövzulardır. Allahın işi yalnız yaratmaqdan ibarətdir. İdarəçilik yaratmaqdan fərqləndiyi üçün o, bu dünyanın sahibləri olan digər məxluqlara məxsusdur.[25] Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Həqiqi həyat axirət evidir. Kaş ki, biləydilər! Gəmiyə mindikləri zaman Allahı ixlasla çağırır (Ondan qeyrisini yaddan çıxarırlar). Allah onları quruya çıxarıb xilas edən kimi, yenidən müşrik olurlar. (Qoy onlar) Bizim onlara verdiyimizə (ayələrə) nankorluq etsinlər və həyatın keçici ləzzətlərindən bəhrələnsinlər. Amma tezliklə başa düşəcəklər. İnsanların onların ətrafında (Məkkədən kənarda) oğurlandığı halda, onlar üçün təhlükəsiz və toxunulmaz bir yer təyin etdiyimizi görmədilərmi? Onlar batilə inanıb Allahın nemətinə qarşı nankorluq edirlər? Allaha qarşı yalan uyduran və yaxud haqq gəldikdən sonra onu yalan sayan kəsdən daha zalım kim ola bilər? Kafirlərin yeri Cəhənnəmdə deyilmi? Yolumuzda (ixlasla) cihad edənləri, mütləq, Öz yolumuza yönəldəcəyik. Allah xeyirxah əməl sahibləri ilədir.   [1] Nümunə, c.16, səh.184 [2] Nümunə, c.16, səh.198 [3] Nümunə, c.16, səh.206 [4] Pəyame-Quran, c.4 ,səh.476 və 481 [5] Nümunə, c.16, səh.207 [6] Nümunə, c.16, səh.215-218 [7] Nümunə, c.16, səh.215-218 [8] Nümunə, c.16, səh.222 [9] Əl-Mizan, c.16, səh.118 [10] Nümunə, c.3, səh.124 [11] Nümunə, c.16, səh.246 [12] Nümunə, c.16, səh.248 [13] Əl-Mizan, c.16, səh.126 [14] Nümunə, c.16, səh.250 [15] Əl-Mizan, c.16, səh.128-132 [16] Nümunə, c.16, səh.263 [17] Nümunə, c.16, səh.271 [18] Nümunə, c.16, səh.277 [19] Nümunə, c.16, səh.284 [20] Nümunə, c.16, səh.306 [21] Əl-Mizan, c.16, səh.144 [22] Nümunə, c.16, səh.304 [23] Nümunə, c.16, səh.326 [24] Nümunə, c.16, səh.332 [25] Mənşuri-cavid,c.2, səh.281

QURANI KƏRIM 10.02.2025

“Qəsəs” surəsi

“Qəsəs” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ta, Sin, Mim. Bu, açıq-aydın kitabın ayələridir. Biz iman gətirən insanlar üçün Musa ilə Fironun əhvalatını olduğu kimi sənə oxuyacağıq. Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölürdü, bir zümrəni zəiflədir, oğlan uşaqlarının başını kəsir, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istəyirdik ki, yer üzünün aciz qalanlarına minnət qoyaq, onları yer üzünün öndərləri və varisləri edək, —————————————————————————————- 89. “Yaxşı iş” deyilərkən nə nəzərdə tutulur? Təfsirçilər ayədə işlənmiş “yaxşı iş” ifadəsi haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri bu ifadə ilə “la ilahə illəlah” cümləsinin və Allaha iman gətirilməsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Bəziləri bu sözlə möminlərin əmiri İmam Əli (ə) və məsum imamların (ə) rəhbərliyinə işarə edildiyini bildirmiş və bu fikri sünni mənbələrində mövcud olan çoxlu sayda hədislə əsaslandırmışlar. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Əlinin (ə) dostlarından biri yanına gəldi. İmam buyurdu: “Yaxşı bir iş görənlərə ondan daha yaxşı mükafat veriləcək” cümləsinin izahını verimmi? Həmin şəxs: “Bəli, sənə fəda olum, ey möminlərin əmiri!” – deyə cavab verdi. İmam buyurdu: “Yaxşı iş biz Əhli-beytin rəhbərliyini qəbul etmək, pis iş isə rəhbərliyimizi inkar etmək və bizə qarşı düşmənçilikdir.” Yaxşı və pis iş bu ayədə çox geniş məzmun ifadə edir, bütün yaxşı və pis işlərə şamil olur. Allaha, İslam peyğəmbərinə (s) və imamların rəhbərliyinə (ə) iman gətirmək bütün yaxşı işlərin başında dayansa da, ifadənin bütün saleh əməllərə şamil olmasına mane olmur[1]. “Qəsəs” surəsinin ümumi məzmunu: Bu surə, möminlərin say etibarı ilə çox, güc və qüdrət baxımından üstün olan düşmənlərin təqiblərinə məruz qaldıqları bir vaxtda nazil olmuşdur. Müsəlmanların azlığı, düşmənlərin isə çoxluğu bəzilərinin İslamın gələcəyi ilə bağlı qorxu və narahatlıq keçirməsinə səbəb olmuşdu. Qeyd olunan vəziyyət İsrail oğullarının Firon tərəfdarlarının təqib və təzyiqlərinə məruz qaldıqları vəziyyətə daha çox bənzədiyi üçün, bu surənin ayələrinin yarısında Musa (ə), İsrail oğulları və Firon tərəfdarlarından bəhs edilir. Surənin əvvəlində zəiflər üçün olan haqq-ədalət hökumətinin qalib gələcəyi, zalımların məğlubiyyətə uğrayacağı xəbər verilir. Surənin digər hissəsində öz elm və sərvətinə güvənən, təkəbbürü sayəsində Fironun aqibəti ilə qarşılaşan təkəbbürlü və zəngin Qarunun əhvalatından danışılır. Firon suya batdığı halda Qarun torpağa batmışdı. Bu iki hissə arasında birinci hissə üçün nəticə, ikinci hissə üçün isə giriş səciyyəsi daşıyan tövhid, məad, Quranın əhəmiyyəti, müşriklərin Qiyamətdəki vəziyyəti, haqq yola yönəlmə və azma, zəif insanların bəhanələrinə cavab mövzularını əhatə edən qiymətli dərslər yer almışdır[2]. Bizim istəyimiz, zəiflərin qələbəsi: Bu ayə çox aşkar və ümidvericidir. Ümumi bir qanun ehtiva edən bu ayədə feil davamedici zaman formasında təqdim edilmişdir. Bununla da istəyin təkcə İsrail oğullarının zəifləri və Firon hökuməti ilə məhdudlaşmadığı xəbər verilmişdir. Belə ki, Firon İsrail oğullarının axırına çıxmaq, onları məhv etmək istəyirdi. Ancaq Allah-taala zəifləri yer üzünün varisləri və rəhbərləri etmək istəyini xəbər verir. Bu, haqqın batil, imanın küfr üzərində qələbə çalacağı müjdəsidir. İsrail oğullarının hökuməti və Firon tərəfdarlarının hökumətinin süqutu bu ilahi istəyin reallaşmasının ən bariz nümunəsidir. İslam zühur etdikdən sonra Peyğəmbər (s) və səhabələrinin, öz dövrlərinin fironları tərəfindən təzyiqlərə məruz qalan, məsxərə olunan, təhqir edilən imanlı ayaqyalınların, yoxsulların, təmiz qəlbli məzlumların hakimiyyəti isə onun ən kamil nümunəsidir. Allah-taala bu sinfin əli ilə kəsraların saraylarının qapılarını açdı, onları qüdrət taxtından saldı. Bunun ən irimiqyaslı nümunəsi həzrət Mehdinin (ə) bütün yer üzünü əhatə edəcək haqq-ədalət dövlətinin hökmranlığı olacaq. Çoxlu sayda hədislərdə bu böyük zühurdan danışılmışdır. İmam Əli (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Bu dəstə Ali-Mühəmməddir (s). Allah onların Mehdisini təzyiq və əzablardan sonra qaldıracaq, onlara güc-qüdrət bəxş edəcək, düşmənlərini xar edəcək.”[3] hökmranlıqlarını yer üzündə möhkəmləndirək, Firona, Hamana və onların qoşunlarına qorxub çəkindikləri şeyi göstərək. Biz Musanın anasına: “Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik” – deyə vəhy etdik. Fironun ailəsi onu sudan götürdü ki, axırda onlara düşmən kəsilib başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların qoşunları günahkar idilər. Fironun zövcəsi (onların uşağı öldürmək niyyətində olduğunu görüb) dedi: “(Bu uşaq) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin. Ola bilsin ki, o, bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik”. Onlar (bu işin sonunu) bilmirdilər. Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, inananlardan olsun deyə, onun qəlbini möhkəmlətməsəydik, az qala məsələnin üstünü açacaqdı. (Anası Musanın) bacısına: “Onun dalınca get!” – dedi. O da onlar hiss etmədən uzaqdan göz qoyurdu. Daha öncə Biz bütün süd verən qadınları ona haram etmişdik. (Musanın bacısı məmurların dayə axtarışında olduğunu görüb) dedi: “Sizin üçün bu körpənin qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?” Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu (bunu) bilmir. ————————————————————————————— Haman kim idi? Haman Fironun tanınmış vəziri olmuşdur. Fironun hökumət sisteminə elə nüfuz etmişdi ki, ayədə Misir qoşunları Firon və Hamanın qoşunları kimi qeyd edilmişdir[4]. Hədislərdə onun çox hiyləgər və tədbirli adam olduğu, Fironun cinayətlərinin çoxunda rol oynadığı, hətta bir çox məqamlarda Fironu yönləndirdiyi bildirilmişdir. Hədislərdə qeyd edilir ki, həzrət Musa (ə) Fironu Allaha inanmağa çağırır, iman gətirəcəyi təqdirdə onun firavan həyata malik olacağını, öldükdən sonra isə Cənnətə gedəcəyini vəd verir. Musanın (ə) bu dəvəti Firona az da olsa, təsir göstərir. Ancaq o, heç bir addımı Hamanla məsləhətləşmədən atmadığı üçün bu məsələdə də Hamanla məsləhətləşir. Haman hiyləgərliklə Fironun iman gətirməsinin qarşısını alır. Habelə Fironun sehrbazlarının Musa (ə) qarşısında məğlub olması və Allaha iman gətirməsi ilə İsrail oğullarının çoxu Musaya (ə) iman gətirir. Bu vaxt Haman Firona təklif edir ki, Musanın (ə) dininə üz tutan hər kəsi həbsə salsın, Firon da belə edir. “Əraf” surəsinin 123-cü ayəsində də qeyd edildiyi kimi, Allah bir-birinin ardınca onlara tufan, çəyirtkə, bitki xəstəlikləri, qurbağa, qan bəlalarını göndərir[5]. Buna görə də hədislərdə onun Fironla birlikdə fəsad törətdiyi kimi, Cəhənnəmdə də onula birlikdə yanacağı qeyd edilmişdir. İmam Sadiqin (ə) babası İmam Səccada (ə) istinadən buyurduğu bir hədisdə belə deyilir: “Cəhənnəm odunun yeddi qapısı var, onun bir qapısı Firon, Harun, Haman və Qarun üçündür…”[6] Allahın qəribə proqramı: Güc və qüdrət nümayişi Allahın qüdrətli və zülmkar bir xalqı məhv etmək istədiyi vaxt göylərin və yerin qoşunlarını səfərbər etməsi deyil. Əsl qüdrət nümayişi təkəbbürlü zülmkarların özlərini məhv etmək üçün hərəkətə keçməsi, öz-özlərini yandırmaq üçün odun toplamalarıdır. Təcavüzkar və özbaşına Firon tərəfdarlarının da başına gələn məhz bu idi. Onlar Musanı (ə) öz əlləri ilə xilas edib böyütdülər. Musanın (ə) mamaçası qibtilərdən idi, qoyulduğu sandığı qibti bir dülgər düzəltmişdi. Musanı (ə) Nilin dalğalarından Fironun ailəsi xilas etmişdi. Sandığı Firon özü, ya da həyat yoldaşı Asya açmışdı. Qəhrəman Musanın (ə) əmin-amanlıqda yaşadığı, böyüyüb boya-başa çatdığı saray da məhz elə Fironun öz sarayı olmuşdur. Allahın qüdrət nümayişi bax elə budur[7]. 12-13. Digər qadınların südünün Musaya (ə) haram edilməsinin fəlsəfəsi: Hədislərdə qeyd edilir ki, bütün süd verən qadınlar Musaya (ə) haram edildikdən və o, öz anasına qayıtdıqdan, onun sinəsini qəbul etdikdən sonra Fironun vəziri Haman deyir: – Mən hiss edirəm ki, sən onun həqiqi anasısan. Nə üçün bu qədər qadının arasından təkcə sənin sinəni qəbul etdi? Musanın anası: – Ona görə ki, mən xoşətirli bir qadınam, südüm çox şirindir. Bu günə qədər mənə tapşırılanların heç biri sinəmdən imtina etməyib. Orada olanlar bu sözü təsdiq etdilər, hər biri ona qiymətli hədiyyələr verdi. Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Üç gündən artıq çəkmədi ki, Allah körpəni öz anasına qaytardı.” Bəziləri yazır ki, başqa qadınların südü Musaya (ə) ona görə haram edilmişdi ki, Allah bu pak peyğəmbərin haram, oğurluq, cinayət, rüşvət, qəsbə bulaşmış süddən qidalanmasını istəmirdi. Pak olmayanlara qarşı mübarizə aparmaq üçün onun anasının südü kimi pak bir süddən qidalanmalı idi. Bəzi təfsirçilər yazırlar ki, yetkinlik yaşına çatana qədər sarayda Musaya (ə) böyük hörmət və ehtiram göstərilmişdir. Ancaq Musanın (ə) tövhidlə bağlı sözləri Fironu bərk narahat edirdi. Hətta iş o yerə çatır ki, onu qətlə yetirmək qərarına gəlir. Buna görə də Musa (ə) sarayı tərk edir, şəhərdə olarkən isə biri qibtilərdən, digəri isə sibtilərdən olan iki nəfərin mübahisə etdiyini görür[8]. (Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hikmət və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq. O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və birdən orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun ardıcıllarından (İsrail oğullarından), o biri isə düşmənlərindən idi. Ardıcıllarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onun sinəsinə möhkəm bir yumruq vurub işini bitirdi. Musa dedi: “Bu (sizin davanız), Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar azdıran bir düşməndir!” (Musa) dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. Dedi: “Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!” Musa şəhərdə səksəkə içində idi və hər an bir hadisənin baş verəcəyini gözləyirdi. Birdən dünən onu köməyə çağıran adamın yenə də fəryad qoparıb ondan kömək dilədiyini gördü. Musa ona dedi: “Sən doğrudan da, açıq-aşkar yolunu azmış insansan!” İkisinin də düşməni olan adamın qarşısını alıb ona mane olmaq istədikdə, o, dedi: “Ey Musa! Sən dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən”. Şəhərin ən ucqar yerindən bir kişi qaça-qaça gəlib dedi: “Ey Musa! Bu camaat səni öldürmək barəsində məşvərət edir­­. Tez çıx get! Mən sənin yaxşılığını istəyənlərdənəm!” Musa səksəkə içində ətrafa baxa-baxa oradan çıxıb: “Ey Rəbbim! Məni bu zalım adamların əlindən qurtar!” – dedi. —————————————————————————————– 15-16. Musa tərəfindən qətl hadisəsinin baş verməsi məsumluqla düz gəlirmi? Təfsirçilər qibti ilə İsrail oğullarından olan şəxsin mübahisəsi və qibtinin qətlə yetirilməsi hadisəsi ilə bağlı çox fikirlər irəli sürmüşlər. Təbii ki, hadisənin özü elə mühüm problem yaratmır. Çünki Firon tərəfdarlarından olan həmin cinayətkar şəxs İsrail oğullarından olan minlərlə körpənin başını kəsmiş, heç bir cinayətdən çəkinməyən rəhmsiz canilərdən idi. Buna görə də o, qanı İsrail oğullarına halal olan insanlardan idi. Sadəcə, təfsirçilər üçün çətinlik yaradan məsələ Musanın (ə) işlətdiyi sözlərin izahıdır. Bir yerdə Musa (ə) bu əməli Şeytan əməli adlandırır, başqa bir yerdə “ey Rəbbim! Mən özümə zülm etdim, məni bağışla!” – deyir. Bu ifadə formaları hətta peyğəmbərlik vəzifəsinə təyin edilməzdən əvvəl məsum olması zəruri olan peyğəmbərlərin günahsız olması prinsipi ilə necə düz gəlir? Qeyd etməliyik ki, Musanın (ə) törətdiyi hadisə uzaq başı “daha yaxşının tərk edilməsi” hesab edilməlidir. O, bu davranışı ilə özünü çətinə saldı. Çünki qibti olan bir nəfərin Musa (ə) tərəfindən qətlə yetirilməsi hadisəsi Firon tərəfdarlarının həzm edə biləcəyi yüngül bir hadisə deyildi. “Daha yaxşının tərki” onsuz da haram əməl sayılmır, sadəcə, heç bir yanlışa yol vermədən daha yaxşının tərkinə səbəb olur. Bu ayələri təfsir edərkən İmam Rza (ə) belə buyurmuşdur: “Bu, Şeytan əməlindəndir” cümləsində Musanın əməli deyil iki kişinin mübahisəsi nəzərdə tutulmuş və o, “Şeytan əməli” hesab edilmişdir. “Ey Rəbbim! Özümə zülm etdim”, yəni gəlməməli olduğum yerə gəldim, ümumiyyətlə mən bu şəhərə gəlməməli idim. “Məni bağışla”, yəni məni düşmənlərindən gizlət ki, məni tapa bilməsinlər (“ğüfran” sözünün bir mənası da “gizlətmək”dir). Daha ətraflı məlumat üçün bax: “Şuəra” surəsi, 20-ci ayə[9]. Onların hər ikisinin düşməni olan şəxs: Təfsirçilərin çoxu hesab edir ki, Musaya (ə) “ey Musa! Sən dünən bir nəfəri öldürdüyün kimi, məni də öldürmək istəyirsən?” – deyən şəxs əvvəlki gün Musadan (ə) köməklik diləyən şəxs olub. İsrail oğullarından olan şəxs Musanın (ə) bu cür məzəmmət etdiyini gördükdə elə güman edir ki, onu da dünənki gün qibti kişini öldürdüyü kimi öldürəcək. Buna görə də qorxusundan elə deyir. Bu gün dava etdiyi qibti onun bu sözündən dünənki qibtinin qatilinin Musa (ə) olduğunu başa düşür. Tez saraya gedib hadisəni danışır. Firon və saray adamları məsləhət və məşvərət edib Musanın (ə) qətlə yetirilməsi ilə bağlı qərar qəbul edirlər. Deməli, “ikisinin də düşməni olan adam” deyilərkən dünənki gün başqa bir qibti ilə mübahisə edən və Musanın (ə) kömək etdiyi şəxs nəzərdə tutulur. Tövratda qeyd edilənin əksinə olaraq bu cümlədən belə məlum olur ki, burada mübahisə edənlərin hər ikisi İsrail oğullarından olmayıb. Əslində, onların biri İsrail oğullarından, digəri isə Firon tərəfdarlarından olub[10]. Musanı (ə) Fironun adamlarının planından xəbərdar edən kim idi? Bu kişi ehtimal ki, sonradan “Firon nəslindən olan mömin” adı ilə tanınan şəxsdir. Onun adının Cəzqil olduğu yazılıb və qeyd edilib ki, o, Firona onun adamların müzakirə, məsləhət və məşvərət məclislərində iştirak edəcək qədər yaxın adamlardan olub. O, Fironun adamlarının törətdikləri cinayətlərdən çox narahat olur, bu hakimiyyətə qarşı bir qiyam olmasını gözləyir, həmin qiyamda iştirak edəcəyinə ümid bəsləyirdi. O, Musaya (ə) ümid bəsləyir, onun simasında inqilabçı bir Allah adamının surətini görürdü. Buna görə də onun təhlükədə olduğunu hiss etdikdə özünü Musaya (ə) çatdırdı və onu təhlükənin caynağından xilas etdi. “Ğafir” surəsində onun təkcə bu hadisə deyil, başqa hadisələrdə də Musaya (ə) yardım göstərdiyi, Firon sarayında İsrail oğullarının “görən iti gözü” hesab edildiyi qeyd edilmişdir[11]. Mədyən tərəfə üz qoyduqda dedi: “Ümidvaram ki, Rəbbim məni doğru yola yönəldəcək!” O, Mədyənin su (quyusu) olan ərazisinə gəlib çatanda orada heyvanlarını suvaran adamlar gördü. Onların yaxınlığında da (suya yaxınlaşmalarına mane olmaq üçün) qoyunlarına nəzarət edən iki qız görüb: “Nə etmək istəyirsiniz?” – dedi. Onlar dedilər: “Çobanların hamısı çıxıb getməyincə biz onları (qoyunlarımızı) suvarmırıq. Atamız da çox qocadır”. (Musa) onlar (onların qoyunları) üçün su çəkdi, sonra da kölgəyə doğru yön alıb dedi: “Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!” Qəfildən onlardan biri çox utana-utana onun yanına gəlib dedi: “Atam bizə (bizim qoyunlara) su verməyinin haqqını ödəməkdən ötrü səni çağırır”. Musa onun (Şüeybin) yanına gəlib başına gələni danışdıqda o dedi: “Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!” Qızlardan biri dedi: “Atacan! Onu işə götür, çünki işə götürülə bilənlərin ən yaxşısı güclü və etibarlı olanıdır”. (Şüeyb) dedi: “Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən (bu müddəti) on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənin çiyninə ağır yük qoymaq istəmirəm. Allahın izni ilə mənim əməlisalehlərdən olduğumu görəcəksən”. (Musa) dedi: “Bu, ikimizin arasında bir razılaşmadır. Bu iki müddətdən hansınısa yerinə yetirsəm, mənə qarşı haqsızlıq olmayacaqdır. Allah dediyimizə şahiddir!” ——————————————————————————————- Musanın (ə) ədəb-ərkanı və zahidliyi: Musa (ə) yorğun və ac, həmin şəhərdə heç bir sığınacağı və adamı olmayan bir qərib idi. Amma bütün bunlara baxmayaraq, dözümsüzlük göstərmirdi. O qədər ədəbli idi ki, hətta dua edərkən də açıq şəkildə “ey Rəbbim, filan cür et!” demədi. Sadəcə, belə dedi: “Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!” Bu duası ilə Musa (ə) yalnız ehtiyac duyduğunu dilə gətirir, qalanını Allahın Öz mərhəmətinə həvalə edir[12]. Möminlərin əmiri İmam Əli (ə) peyğəmbərlərin zahidliyi və dünyaya etinasızlıqlarından danışarkən belə buyurmuşdur: “Əgər ondan (İslam peyğəmbərindən (s)) başqa kimisə özünə öndər seçmək istəsən, Musanı (ə) seç. Çünki o buyurmuşdu: “Ey Rəbbim! Sənin mənə göndərəcəyin istənilən xeyrə ehtiyacım var!” And olsun Allaha! İstədiyi yalnız bir tikə çörək olmuşdur.”[13] Həya peyğəmbərlər və onların ailələrinin əxlaqıdır: Bu ayədə bizə verilən dərslərdən biri həya dərsidir. Əvvəlki ayələrdə Şüeybin qızlarının öz qoyunlarını suvarmamasına səbəb kimi orada qoyunlarını suvaran bir qrup kişinin olduğu qeyd edilmişdi. Onlar bütün çobanlar gedənə qədər gözləyir və qoyunlarını yalnız bundan sonra suvarırdılar. Bu ayədə də həmin qızlardan birinin yad bir gəncə çox utana-utana və həya ilə yaxınlaşdığı, çatdıracağı ismarışı (atam bizə (bizim qoyunlara) su verməyinin haqqını ödəməkdən ötrü səni çağırır) bir cümlə ilə ifadə etdiyi qeyd edilir. Digər tərəfdən, Musanın (ə) da həyası diqqətə layiqdir. Belə ki, hədislərdə yazılanlara görə, Musa (ə) Şüeybin (ə) qızı ilə birlikdə onların evlərinə doğru yola düşdükdə ona belə deyir: “Sən mənim arxamca gəl və yolu göstər. Çünki biz qadınlara hətta arxadan belə, baxmayan insanlardanıq.”[14] Bir gün Peyğəmbər (s) səhabələrindən “qadınlar üçün nə daha yaxşıdır?” – deyə soruşur. Heç kəs suala cavab verə bilmir. Bu xəbər gedib Fatiməyə (ə) çatır. O xanım belə buyurur: “Mən qadınlar üçün nəyin daha yaxşı olduğunu bilirəm. Naməhrəm kişilərə baxmasınlar, namərhrəm kişilər də onları görməsin.” Həzrət Zəhranın (ə) bu sözləri Peyğəmbərin (s) qulağına çatdıqda çox sevinir və buyurur: “Fatimə mənim bədənimin yarısıdır.”[15] Düzgün idarəetmə üçün lazım olan iki əsas şərt: Bu ayədə idarəetmədə tələb olunan iki mühüm və əsas şərt ümumi və yığcam şəkildə qeyd edilmişdir: güc və etibar. Təbii ki, güc deyilərkən burada təkcə fiziki güc nəzərdə tutulmur, ümumiyyətlə, güc-qüdrət deyilərkən insanın üzərinə düşən vəzifəni yerinə yetirə biləcəyi güc nəzərdə tutulur. Ən güclü idarəedici öz vəzifə səlahiyyətlərini yaxşı bilən, motivasiyalarıdan xəbərdar olan, proqramlaşdırmadan yaxşı başı çıxan, yetərli dərəcədə təşəbbüskar olan, fəaliyyətlərin nizama salınması işini yaxşı bacaran şəxsdir. O, öncə hədəfləri müəyyən etməli və yalnız bundan sonra həmin hədəfləri reallaşdıracaq gücləri səfərbər etməlidir. Yaxşı idarəedici bununla yanaşı ürəyiyanan, xeyirxah, etibarlı və dürüst olmalıdır. Öz işlərini gördürmək üçün yalnız etibarlılıq və təmizlik prinsipi ilə kifayətlənənlər, yalnız ixtisas şərti ilə kifayətlənənlər qədər səhvə yol verirlər. İslam məntiqi hər bir işin güclü, qüdrətli və etibarlı insana tapşırılmasını tələb edir. Yalnız bu zaman cəmiyyətdə nizam-intizama nail olmaq olar. Əgər tarix boyu hökumətlərin süqut səbəblərini araşdırsaq, onların süqutunun əsas səbəbinin vəzifələrin iki qrupdan birinə – xəyanətkar idarəedici və ya dürüst bacarıqsıza həvalə edildiyinin şahidi olarıq. Hər ikisinin nəticəsi eynidir[16]. Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman dağ tərəfdə bir od gördü və ailəsinə dedi: “Dayanın! Mən bir od gördüm. Mən ondan bəlkə də sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız”. Musa od götürmək üçün gəldikdə vadinin sağ tərəfindəki bərəkətli yerdə bitmiş bir ağacın ortasından səs ucaldı: “Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! Əsanı at!” (Musa) onun (əsanın) ilan kimi sürətlə qıvrıldığını görüb qorxdu, arxasına belə baxmadan geri qayıtdı. (Səs gəldi:) “Ey Musa! Qayıt, qorxma! Sən əmin-amanlıqda olanlardansan! Əlini qoynuna sal, çıxaranda eyibsiz-nöqsansız, ağappaq və parlaq olacaq. Qorxu keçib getsin deyə əlini sinənin üzərinə qoy. Bu ikisi (əsa və ağappaq əl) Firon və onun adamlarına qarşı sənin Rəbbindən olan iki parlaq dəlildir. Onlar fasiqdirlər”. Dedi: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, məni öldürələr. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Məni təsdiq və yardım etməsi üçün onu da mənimlə birlikdə göndər. Mən, onların məni yalançı sayacaqlarından qorxuram”. Buyurdu: “Tezliklə qollarını qardaşınla qüvvətləndirəcək, ikinizə də hökmranlıq və üstünlük verəcəyik. Dəlillərimiz sayəsində sizə qalib gələ bilməyəcəklər. Siz və sizə tabe olanlar qalib gələcəksiniz”. ————————————————————————————— Sağ tərəfdəki vadinin kənarı: “Şati” ərəb dilində kənara, qırağa, “vadi” isə sel sularının axdığı yerə, dərəyə deyilir. İki dağ arasına da vadi deyilir. “Buq’ə” ətraf əraziləri olmayan torpaq parçasına, “əymən” isə sağ tərəfə deyilir. Bərəkətli torpaq sahəsi vadinin sağ tərəfində xüsusi bir yerdir. “Ey Musa” çağırışı həmin yerdə olan ağacdan ucalmışdır. Ağacın bərəkətli olması da məhz bu nidanın həmin ağacdan ucalması ilə bağlıdır. Allahın çağırışı bu ərazidən ucaldığı üçün ora şərafətli hesab edilir. Məhz həmin şərafət və müqəddəslik həzrət Musanın (ə) ayaqqabılarını çıxarmasına səbəb olmuşdur[17]. Qorxudan xilas olmaq üçün əllərin sinə üzərinə qoyulması: Boş səhrada qaranlıqlar içində o möcüzələri görmək Musanı (ə) bərk həyəcanlandırdı. Buna görə də ürəyinin sakitləşməsi üçün ona əllərini sinəsinin üzərinə qoymaq göstərişi verildi. Bəziləri hesab edir ki, bu cümlədə peyğəmbərlik vəzifəsinin yerinə yetirilməsində qətiyyət və əzmkarlığın olmasına, heç bir güc və qüdrətdən qorxmamağa eyham vurulur. Bəziləri ehtimal edir ki, əsa ilana çevrildiyində Musa (ə) əlini irəli verib özünü müdafiə etmək istəyir. Allah isə ona müdafiə olunmağa ehtiyac olmadığını, əl-qolunu yığışdırmasını və qorxmamasını göstəriş verir. Ayədə əl əvəzinə qanad sözündən istifadə edilməsi bədii təsvir xarakteri daşıyır. İnsanın təhlükə hiss etdiyi və sakitləşdiyi vaxt keçirdiyi psixoloji vəziyyətlər quşun eyni şəraitlərdə keçirdiyi hisslərə bənzədilmişdir. Belə ki, quş təhlükə gördükdə və ya hiss etdikdə qanadlarını çırpır, ancaq sakitləşdikdə qanadlarını bir yerə yığır[18]. Bəzi təfsirçilər ehtimal edir ki, bu göstərişlə Allah Musanın (ə) təvazökar olmasını istəmişdir. Çünki təkəbbürlü və xudpəsənd insanlarin adəti qollarını bədənlərindən bir qədər aralı tutmaqdır. Bu ayə “Hicr” surəsinin Peyğəmbərə (s) “qanadlarını möminlər üçün endir”, – deyə xitab edilən 88-ci ayəsinə bənzəyir[19]. Yalançı sayılmaqdan qorxmağın səbəbi nə idi? Bu ayədə Musanın (ə) Allahdan qardaşı Harunu onunla birlikdə göndərməsini istəməsinin səbəbi qeyd edilmişdir. O, Fironun tərəfdarlarının onu yalançı sayacaqlarından, onun da qəzəblənib dəlillərini açıq şəkildə bəyan edə bilməyəcəyindən qorxur. Belə ki, “Şüəra” surəsinin 12-13-cü ayələrində Musanın (ə) dilindən belə deyildiyini görürük: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr, (belə olduqda) hövsələdən çıxam, dilim də söz tutmaya. Buna görə Haruna da mənimlə göndər.” Nəticədə, ayənin mənası belə olur: “Qardaşım Harun məndən daha fəsahətlidir, məndən daha səlis danışır. Onu mənimlə birlikdə göndər ki, dəvətimdə düzdanışan olduğumu təsdiq etsin, camaat mənimlə mübahisəyə qalxdığında onları qane etsin. Çünki onların məni yalançı sayacaqlarından bu zaman iddiamın düzgünlüyünü aydın şəkildə bəyan edə bilmərəm.” (Harunun Musadan (ə) daha fəsahətli olması ilə bağla daha geniş məlumat əldə etmək üçün bax: Şüəra – 12)[20]. Musa onlara açıq-aşkar möcüzələrimizi göstərdikdə onlar: “Bu, Allahın adına uydurulmuş sehrdən başqa bir şey deyil. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər. Musa dedi: “Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən yönləndirici gətirdiyini və gözəl aqibətin kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudundan xəbər tutum. Mən onun yalançılardan olduğunu düşünürəm. Firon və onun qoşunları yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun qoşunlarını tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu! Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətlik etdik. Qiyamət günü isə onlar üzüqaralardandırlar. Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanları ayıldan, doğru yolu göstərən və rəhmət səbəbi olan kitab verdik ki, bəlkə xatırlasınlar. ———————————————————————————— Fironun uca qəsri: İstəmədikləri, arzu etmədikləri hər hansı mühüm hadisə ilə qarşılaşdıqda kütlənin fikrini yayındırmaq və diqqətləri öz üzərlərinə cəlb etmək üçün yeni bir səhnə yaratmaq qədim dövr siyasətçilərinin tez-tez əl atdıqları vasitələrdən olmuşdur. Musanın (ə) sehrbazlar üzərində qələbə çalması xəbəri bütün Misirə yayıldıqdan və sehrbazların Musaya (ə) iman gətirməsi Firon hökumətinin mövqeyini təhlükəyə atdıqdan sonra nəyin bahasına olursa-olsun, kütlənin fikrini yayındırmaq, hədiyyələr, bəxşişlər paylayıb insanları qəflət yuxusuna vermək, onların başını qatacaq bir məşğuliyyət planını işə salmaq zərurəti yaranmışdı. Bəzi tarixi mənbələrin yazdığına görə, Haman saray üçün böyük bir ərazi ayırtdırır. Qəsri tikmək üçün işə əlli min usta və memar, minlərlə fəhlə cəlb edir. Bina o qədər hündür olur ki, üzərindən hər yeri görmək mümkün olur. Bəziləri yazır ki, memarlar onun pilləkənlərini elə tikmişdilər ki, süvari adam atla pilləkənlərlə onun başına qədər dırmaşa bilərdi. Qəsrin tikintisi başa çatdıqdan sonra Firon qəsrin üstünə çıxır və göyün elə yerdən göründüyü şəkildə olduğunu görür. Deyilənə görə kamana ox qoyub göyə atır. Ox göydə uçan quşa dəyir, ya da elə özünün əvvəldən planlaşdırdığı kimi qana bulaşmış halda yerə düşür. Firon qəsrdən enərək üzünü camaata tutub deyir: “Gedin, artıq rahat olun. Musanın tanrısını öldürdüm.” Buna inanan sadəlövh camaat bu xəbəri camaata yayır. Bəzi mənbələrin yazdığına görə tikili davam gətirmir, tezliklə uçur və nəticədə, xeyli adam həlak olur[21]. Bəziləri ehtimal edir ki, Firon uca qəsr tikdirmək istəyərkən ulduzlara baxmaq, ulduzlar vasitəsilə peyğəmbər göndərildiyini, Musanın (ə) dediklərinin həqiqət olub-olmadığını müəyyən etmək üçün bir rəsədxana tikdirmək məqsədi güdmüşdür[22]. 39. Təkəbbür, özünü böyük tutmaq Fironun boyundan uzun bir libasdır: Ayədə Firon və adamlarının təkəbbüründən, xilqət və məad prinsipləri qarşısında təslim olmamasından danışılır. Doğrusu, bəzən bir milçəyi belə özündən uzaqlaşdırmağa qüdrəti çatmayan, bəzən mikrob adlanan mikroskopik bir varlıq qarşısında davam gətirməyib torpaqlar altına dəfn edilən zəif insan özünü necə böyük tuta, allahlıq iddiası edə bilər? Məşhur bir qüdsi hədisdə belə deyilir: “Təkəbbür və böyüklük Mənim xələtim, əzəmət Mənim böyüklüyümün əyninə biçilmiş bir libasdır. Bu xüsusiyyətlərdə Mənimlə mübarizəyə qalxan şəxsi Cəhənnəmə göndərərəm.” Təbii ki, Allahın Özünü bu cür səciyyələndirməsinə ehtiyacı yoxdur. Mühüm olan cəhət insanın həddini aşması, təkəbbür və qürurun onun beynini doldurduğu vaxt başlayır[23]. Nur və od öndərləri: Quran məntiqində iki qrup rəhbər və lider var; doğru yolda olan təqvalıların rəhbəri, haqq yoldan azmışların rəhbəri olan liderlər, başqa sözlə desək, od rəhbərləri. Bu iki qrup liderin xüsusiyyətləri hədislərdə, o cümlədən İmam Sadiqin (ə) bir hədisində belə qeyd edilmişdir: “Birinci qrup adamlar Allahın əmrini insanların əmrindən və öz iradələrindən üstün tutanlar, Onun hökmünü hökmlərin ən üstünü hesab edənlərdir. Halbuki ikinci qrupun adamları öz əmrlərini Allahın əmrindən, öz hökmlərini Allahın hökmündən üstün tutanlardır.” Bu meyarla sözügedən iki qrupu tanımaq çox asandır. Qrupların bir-birindən fərqləndiyi Qiyamət günü hər bir qrup öz rəhbərinin arxasınca gedəcək. Quranda belə buyurulmuşdur: “Hər bir qrupu öz rəhbəri ilə çağırdığımız gün…” (İsra-71). Qiyamət bu kiçik dünyanın böyük təcəssümüdür. Bu dünyada hər hansı rəhbərə bağlı olan və onun ardınca gedən şəxs orada da onunla birlikdə olacaq. Yaddan çıxarmamalıyıq ki, dünyada öz ardıcıllarının önündə gedən və onları Nilin dalğaları qoynunda batıran Firon Qiyamətə də onların önündə gedib od dənizinə batıracaq[24]. Biz Musaya peyğəmbərlik əmri verəndə sən qərb tərəfdə deyildin. Sən (möcüzələri Musanın ixtiyarına verəndə) şahid olanlardan da deyildin. Lakin Biz müxtəlif dövrlərdə neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin səni göndərən Biz idik. Biz çağırdığımız zaman sən dağın yanında deyildin. Lakin səndən əvvəl heç bir qorxudan gəlməmiş bir tayfanı xəbərdar edəsən deyə, bu, Rəbbin tərəfindən bir mərhəmətdir. Bəlkə xatırlayalar. Əgər (peyğəmbər göndərilmədən) etdikləri əməllərin nəticəsində onlara bir müsibət üz versəydi, deyəcəkdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də Sənin ayələrinə tabe olub möminlərdən olaq?” Bizim tərəfimizdən onlara haqq gəldikdə onlar: “Nə üçün Musaya verilənin eynisi ona da verilmədi?” – dedilər. Məgər onlar daha öncə Musaya verilən möcüzələri inkar edib: “Bu iki nəfər (Musa və Harun bizi azdırmaq üçün) ələ-ələ vermiş iki sehrbazdır. Biz onların heç birinə inanmırıq!” – deməmişdilər? De: “Əgər doğru deyirsinizsə (Tövrat və Quran Allah tərəfindən nazil edilməyibsə), Allah tərəfindən bu ikisindən daha doğru yol göstərən elə bir kitab gətirin ki, mən ona tabe olum!” Əgər sənin bu təklifini qəbul etməsələr, bil ki, onlar yalnız nəfslərinin istəklərinə uymuşlar. Öz nəfsani istəklərinə tabe olan və heç bir düz yol göstərən ilahi rəhbəri qəbul etməyən şəxsdən daha azğın kim ola bilər?! Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz. —————————————————————————————- Qərb tərəf haradır? Bir məsələyə xüsusilə diqqət yetirmək lazımdır ki, Mədyəndən Misir istiqamətinə hərəkət edərkən Musanın (ə) Sina səhrasından keçib getdiyi istiqamət şərq-qərb, İsrail oğullarının Misirdən Şama doğru hərəkət edərkən Sinadan keçdikləri istiqamət qərb-şərq istiqamətidir. Bəzi təfsirçilər hesab edirlər ki, bu və 46-cı ayədə Allahın həzrət Musaya (ə) verdiyi ilk əmrə və onu Firona doğru yollaması məsələsinə işarə edilmişdir. 46-cı ayə əslində, 44-cü ayəni təsdiq edir[25]. Bəzi təfsirçilər hesab edirlər ki, bu ayədə Musanın (ə) Turda qalmasına və Tövratın nazil olmasına işarə edilmişdir. 46-cı ayədə isə ilk peyğəmbərlik əmrinin verilməsinə və Musanın (ə) Firona doğru göndərilməsinə işarə edilib[26]. Bir suala cavab: Burada belə bir sual yaranır ki, yer üzündə hər zaman ilahi bir nümayəndə olması, Peyğəmbərin (s) müasirləri olan ərəblər arasında da peyğəmbər canişinlərinin olması zərurətini bildiyimiz halda, Quranda “səndən qabaq bu qövmə heç bir qorxudan gəlməmişdir”, – deyilməsi nə qədər məntiqlidir? Qeyd etməliyik ki, burada kitab sahibi və aşkar qorxudan nəzərdə tutulmuşdur. Belə ki, İsanın (ə) zamanından Peyğəmbərin (s) zamanına qədər uzun illər ötmüş, şəriət sahibi olan peyğəmbərlər gəlməmiş, bu da inkarçıların əlinə bir bəhanə vermişdir. İmam Əli (ə) belə buyurmuşdur: “Pak və müqəddəs olan Allah ərəblər arasında bir kitab oxuyan və ya peyğəmbərlik iddiası ilə çıxış edən bir şəxs olmadığı halda, Mühəmmədi (s) peyğəmbər göndərdi. Mühəmməd (s) onlara rəhbərlik edib çatmaları lazım olan yerə çatdırdı və onlara qurtuluş gətirdi.”[27] İki sehr: “Sihrani” iki sehr-cadu deməkdir. Kafirlər bu ifadə ilə Tövrat və Quranı nəzərdə tuturdular. Çünki əvvəlki ayədə də oxuduğumuz kimi, onlar bəhanə gətirərək, Quranın da Tövrat kimi bir dəfəyə nazil olmadığına etiraz etmişdilər. Quran bu suala belə cavab verir: Musanın (ə) dövrünün kafirləri sizin kimi Allah peyğəmbərinin səmavi kitabını inkar etmiş, sizin kimi onun sehr-cadu olduğunu demişdilər[28]. Bəzi təfsirçilər isə “iki sehr” deyilərkən, iki sehrbaz və cadugərin nəzərdə tutulduğunu bildirmişlər. Onlar bu sözlə Musa ilə Harunu nəzərdə tuturdular. İfadə mübaliğənin yüksək həddini göstərir. Çünki ərəblər kiminsə haqqında mübaliğə ilə danışdıqda, həmin şəxsi xüsusiyyətin özü kimi təqdim edirlər. Adilin ədalət, zalımın zülm, sehrbazın sehr kimi təqdim edilməsi buna misaldır[29]. Məsələn, Əlinin (ə) ədalətin daha yüksək həddində olduğunu göstərmək üçün onu “Əli ədalətdir” kimi səciyyələndirmişlər. (Tərcümə ikinci ehtimala əsaslanır). Biz Quran ayələrini onlara biri digərinin ardınca gətirdik ki, bəlkə xatırlasınlar. Daha öncə kitab verdiyimiz kəslər ona (Qurana) iman gətirirlər. Onlara (Quran) oxunduğu zaman: “Biz ona iman gətirdik. Bunlar həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!” – deyirlər. Onlar səbir etdiklərinə görə ikiqat mükafat alan, pisliyi yaxşılıqla dəf edən və verdiyimiz ruzidən Allah yolunda xərcləyən şəxslərdir. Onlar boş və mənasız sözlər eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər. Sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır. Onlar dedilər: “Əgər biz doğru yola yönəlməyi (hidayəti) səninlə birlikdə qəbul etsək, yurdumuzdan qovularıq”. Məgər Bizim tərəfimizdən ruzi olaraq hər tərəfdən məhsulların gətirildiyi əmin-aman və təhlükəsiz bir yeri onların ixtiyarına vermədik? Lakin onların çoxu bilmir. Biz nemətin bolluğundan məst olub qürrələnən neçə-neçə şəhər və kəndi məhv etdik. Bu, onların evləridir. Onlardan sonra az adam istisna olmaqla orada heç kəs məskunlaşmadı. Biz onların varisi olduq. Sənin Rəbbin ayələrimizi oxumaq üçün mərkəzlərinə bir peyğəmbər göndərməmiş şəhərləri və kəndləri məhv etmədi. Biz yalnız əhalisi zalım olan şəhərləri və kəndləri məhv etdik. ———————————————————————————– 53. Sonuncu Peyğəmbərin (s) gəlişindən qabaqkı müsəlmanlar: Kitab əhlinin Peyğəmbər (s) və Quran qarşısında təslim olduğu qeyd edilən bu ayənin “biz ondan əvvəl də müsəlman idik!” cümləsi kitab əhlinin Qurandan və onun haqq olduğundan xəbərdar olduqlarını göstərir. Onlar bu cümlə ilə Quran qarşısında o göndərilməzdən əvvəl təslim olduqlarını, Quranın dəvət etdiyi və İslam adlandırdığı dinə iman gətirdiklərini elan edirlər. Sözügedən cümlə kitab əhlinin Allah rəsulunun (s) xüsusiyyətlərindən və ona endirilmiş kitabdan xəbərdar olduğunu göstərir. Çünki bu xüsusiyyətlər haqqında onlara göndərilmiş səmavi kitabda məlumat verilmişdi. Quranda bu bardə belə deyilir: “O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər.” (Əraf – 157), “İsrail oğullarından olan alimlərin ondan yaxşı xəbərdar olması bunlar üçün yetərli dəlil deyilmi?” (Şüəra – 197)[30]. Doğru yola yönəltmək yalnız Allahın əlindədir: Öncəki ayələrdə iki qrup insandan danışılırdı: Allah rəsulunun (s) səylərinə baxmayaraq, iman nuru qəlblərinə nüfuz etməyən inadkar Məkkə müşrikləri və Allahın haqq yola çağırışını qəbul etmiş, İslam yolunda fədakarlıq göstərən, sevgi ilə dayanmış, qohumlarının, yaxınlarının, özündənrazı cahillərin müqavimətindən qorxmayan kitab əhli və Məkkədən uzaqda yaşayan insanlar. Allah-taala bu ayə ilə həqiqət üzərindən pərdə götürür, doğru yola yönəltməyin başqasının deyil, yalnız Allahın əlində olduğunu, hansı şəxsin iman gətirməyə layiq, hansı başlarda ilahi eşq sevdasının olduğunu, hansı qəlblərin haqq üçün döyündüyünün yalnız Allaha bəlli olduğunu çatdırır. O, layiqli insanları daha yaxşı tanıyır, onlara uğur bəxş edir, iman yolunu tutmaları üçün lütf və mərhəmətini onlara yoldaş edir. Allah qəlblərində Onunla düşmənçilik edən, var gücləri ilə Onun elçiləri ilə mübarizəyə qalxan, iman nuruna layiq görülməyəcək qədər utancverici həyata malik olan, zülmət qəlbli, çirkin insanların yolu üzərində uğur işığı yandırmaz. Çünki burada “hidayət” deyilərkən “yol göstərilməsi” nəzərdə tutulmur. Belə ki, yol göstərmək peyğəmbərlərin işidir, o, istisnasız olaraq doğru yolu hər kəsə göstərir. Əslində, nəzər nöqtəsi olan bu ayədə “hidayət” deyilərkən “mənzil başına çatdırmaq” nəzərdə tutulur. Bu isə yalnız Allaha məxsusdur. İman toxumunu qəlblərə məhz O səpir. Onun işləri də hesab-kitabsız deyil. O, hazır olan qəlblərə nəzər salır, səmavi nuru onlara çiləyir. Hər halda, bu ayədə Allah bir növ Peyğəmbərə (s) təskinlik verir, ona başa salmaq istəyir ki, nə Məkkə müşriklərinin öz şirklərindəki qətiyyəti, nə də Həbəşistan və Nəcran camatının, Salman və Büheyraların ixlasla iman gətirməsi səbəbsiz deyil. Birincilərin iman gətirmədiyinə görə narahat olmasın, çünki Allah nuru hazır qəlblərə daxil olur, onlarda məskən salır. Oxşar məzmunlara Quranda çox rast gəlmək olar. Həmin ayələrdən belə məlum olur ki, Allahın bu qruplarla bağlı istəyi səbəbsiz deyil. Allahın istəyi hikmət, proqram, insanların ləyaqəti, səy və fəaliyyətlərinə əsaslanır. Allah yalnız bu əsasla bir qrupu doğru yola yönəldir, bir qrupu isə bundan məhrum edir[31]. Sizə verilən ancaq dünya malı və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha davamlıdır. Məgər başa düşmürsünüz? Verdiyimiz gözəl bir vədə qovuşan kimsə dünya malı verdiyimiz, sonra da Qiyamət günü gətiriləcək kimsə ilə eynidirmi? O gün Allah onları çağırıb deyəcəkdir: “Güman etdiyiniz ortaqlarım haradadır?” Haqlarında əzab əmrinin gerçəkləşəcəyi qəti olan kimsələr deyəcəklər: “Ey Rəbbimiz! Biz bunları haqq yoldan azdırdıq. Özümüz azdığımız kimi onları da azdırdıq. Biz onlardan uzaqlaşıb Sənə üz tuturuq. Doğrusu, onlar bizə ibadət etmirdilər”. Onlara: “Allaha şərik qoşduğunuz tanrıları çağırın!” – deyiləcək. Məbudlarını çağıracaqlar, ancaq (şərikləri) onlara cavab verməyəcəklər. Onlar əzabı görəcəklər. Arzu edəcəklər ki, kaş haqq yola yönələnlərdən olaydılar. Bir gün Allah onları çağırıb: “Peyğəmbərlərə nə cavab verdiniz?” – deyəcək. O gün bütün xəbərlər onlardan gizli qalacaqdır. Hətta bir-birindən soruşa bilməyəcəklər. Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsə ümid var ki, nicat tapanlardan olsun. Rəbbin istədiyini yaradır və istədiyini seçir. Onların isə ixtiyarı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. Sənin Rəbbin onların qəlbinin həm gizli saxladıqlarını, həm də aşkar etdiklərini bilir. O, Allahdır. Ondan başqa məbud yoxdur. Dünyada da, axirətdə də həmd Ona məxsusdur. Hökmranlıq Ona məxsusdur və siz Ona doğru qaytarılacaqsınız. ——————————————————————————————- Tanrıların onlara ibadət edənlərdən qaçıb uzaqlaşması: Müşriklərin ibadət etdiyi tanrılar iki qrupa bölünür: Bəzi insanlar Allahın əziz bəndələri olan mələklərə və Məryəm oğlu İsaya (ə) ibadət edir və onları tanrı sayırdılar. Bəziləri isə İblis kimi çirkin cinlər, Firon, Nəmrud və sair kimi azğın insanlara ibadət edir, onları tanrı sayırdılar. Ayədə ikinci qrupa aid məbudlardan danışılır. Belə ki, birinci qrupa aid edilən tanrılar kimisə haqq yoldan azdırmadığı halda, ikinci qrupa aid edilən tanrılar özləri haqq yoldan azmaqla yanaşı, başqalarını da azdırmışlar. Ayədə buyurulur ki, bu qrupa aid edilən tanrılar onlara ibadət edən insanlardan uzaq durub deyəcəklər: “Özümüz azdığımız kimi onları da azdırdıq” Yəni düzdür ki, onları biz aldadıb azdırmışıq, ancaq onları buna məcbur etməmişik. Biz öz ixtiyarımızla azdığımız kimi, onlar da öx ixtiyarları ilə azıblar, heç bir zor və gücə məruz qalmayıblar. “İbrahim” surəsinin 22-ci ayəsində İblisin Qiyamət günü öz ardıcıllarına belə deyəcəyi qeyd edilmişdir: “…Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın.” Saffat surəsinin 28-33-cü ayələrində belə buyurulur: “(Qiyamətdə) bir qrup deyəcək: “Siz (azğın rəhbərlər idiniz, üzdə) xeyirxahlıq və yaxşılıqla daxil olurdunuz (ancaq işiniz aldatmaqdan və kələk gəlməkdən ibarət idi)”. (Onlar) deyəcəklər: “Xeyr! Siz mömin deyildiniz (bizim nə günahımız var). Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz… Biz özümüz azğın olduğumuz kimi, sizi də azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”. Bunların hamısı (həm rəhbərlər, həm də ardıcılları), həmin gün Allahın əzabında ortaqdırlar.”[32] 65-66. Peyğəmbərə (s) nə cavab verdiniz? Bu ayənin məzmunu müşriklərdən bəhs edən və Qiyamət günü onlara veriləcək sualı ehtiva edən ayələrin məzmununun davamıdır. Onlardan tapındıqları haqda soruşulduqdan sonra Peyğəmbərlə (s) necə davranmaları soruşulacaq. Şübhəsiz ki, kafirlərin heç bir cavabı olmayacaq. Əgər desələr ki, çağırışlarını qəbul etdik, yalan danışmış olacaqlar. Yalanın isə orada heç bir faydası olmayacaq. Əgər desələr ki, onları yalançı hesab etdik, iftira atdıq, sehrbaz, dəli adlandırdıq, onlara qarşı silahlı mübarizəyə qalxdıq, davamçılarını qətlə yetirdik, verdikləri cavablar xar və rüsvayçılıqlarına səbəb olacaq. Qiyamət günü Allahın böyük peyğəmbərlərindən “insanlar sizə nə cavab verdilər?” – deyə soruşulduqda, onlar deyəcəklər: “Biz heç nə bilmirik, Sən bütün gizli sirlərdən xəbərdarsan.” (Maidə-109). Qəlbi kor olan bu müşriklər bu sual qarşısında nə cavab verə bilərlər?[33] İxtiyar Allahın bir nemətidir: Bu ayə şirkin inkarı və müşriklərin inancının yanlış olmasına bir dəlildir. Bu ayədə yaradılışın və şəfaət ixtiyarının Onun əlində, peyğəmbərlərin göndərilməsi ixtiyarının isə Onun iradəsindən, xülasə, bütün mövcudat aləminin ixtiyarının Allahın istəyindən asılı olduğu qeyd edilir. Onun icazəsi olmadan nə bütlər, nə də mələk və peyğəmbərlər heç nə edə bilməzlər. İxtiyarın qeyd-şərtsizliyi onun ümumiliyini ifadə edir. Yəni həm obyektiv, həm də subyektiv hadisələrin ixtiyarı Allahın əlindədir. Hər ikisi Onun yaratmaq məqamından qaynaqlanır. Belə olan halda, onlar şirk yolunu necə seçir və Allahdan qeyrisinə üz tuturlar? Əhli-beyt (ə) hədislərində bu ayənin ixtiyar və məsum imamın Allah tərəfindən göndərilməsi mövzularına işarə etdiyi qeyd edilmişdir. “Onların ixtiyarı yoxdur” cümləsi qeyd olunan mənanı ifadə edir. Təbii ki, bu məna yükü ayənin parlaq məna çalarlarından biridir. Çünki dinin qorunması və bu məqsədlə də məsum rəhbərin təyin edilməsi yalnız Allaha məxsusdur[34]. De: “Deyin görüm, əgər Allah gecəni üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud sizə bir işıq gətirə bilər? Eşitmirsinizmi?” De: “Deyin görüm, əgər Allah gündüzü üstünüzdə Qiyamətə qədər uzatsa, Allahdan başqa hansı məbud dincəldiyiniz gecəni sizə gətirə bilər? Məgər görmürsünüz?” Onun mərhəmətindəndir; gecəni və gündüzü yaratdı ki, dicələsiniz, Allahın lütfündən faydalanmaq üçün çalışasınız və bəlkə də şükür edəsiniz. Bir gün Allah onları çağırıb: “Öz nəzərinizdə Mənə tay tutduğunuz şəriklər haradadırlar?” – deyəcəkdir. (O gün) Biz hər bir ümmətdən bir şahid seçəcək və (müşriklərə): “Dəlilinizi gətirin!” – deyəcəyik. Onlar bilirlər ki, haqq yalnız Allaha məxsusdur. Uydurduqları hər şey gözdən itəcək. Qarun Musanın qövmündən idi. Amma onlara zülm etdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Allah fitnə-fəsad törədənləri sevmir”. —————————————————————————————– Qiyamət gününün şahidləri: Bu ayədə şahidlər deyilərkən peyğəmbərlər nəzərdə tutulur. Hər bir peyğəmbər öz ümmətinin şahididir, həzrət Mühəmməd (s) isə bütün peyğəmbərlərin və ümmətlərin şahididir. (Bax: Nisa – 41). Deməli, peyğəmbərlərdən ibarət bir məclis təşkil ediləcək. İnadkar və qəlbi kor olan müşriklər həmin məclisdə sorğuya çəkiləcək. Məhz orada şirkin dərinliklərindən xəbər tutulacaq, Allahın haqq və bütlərin isə puç olduğunu açıq-aşkar şəkildə müşahidə edəcəklər.[35] İsrail oğullarından olan eqoist varlı: Qarun Musanın (ə) yaxın qohumlarından (əmisi oğlu, yaxud xalası oğlu) olmuşdur. Tövratla yaxından tanış idi, oradakı məlumatların çoxundan xəbərdar idi. İlk əvvəllər möminlərin sırasında yer almışdı. Lakin var-dövlət qüruru onu küfrün qoynuna ataraq yerin dibinə batırdı. Tarixi mənbələrdə onun həm Fironun İsrail oğulları arasındakı nümayəndəsi, həm də Firon xəzinələrinin xəzinədarı olduğu yazılmışdır. Firon İsrail oğullarını qarət edib bütün var-yoxlarını yağmalamaq üçün İsrail oğulları arasından hiyləgər və rəhmsiz bir adam seçir. İsrail oğullarını zalım hakimiyyətinin xeyrinə istismar etmək, bu yolla külli miqdarda sərvət əldə etmək üçün həmin şəxsi İsrail oğulları üzərində tam səlahiyyətli nümayəndəsi təyin edir. Firon həlak olduqdan sonra onun sərvətinin və xəzinələrinin böyük bir hissəsi Qarunda qalır. Musa (ə) Fironun külək gətirən bu sərvətini ondan alıb yoxsullara paylamağa fürsət tapmır. Nəhayət, Musa (ə) ondan zəkat almaq qərarına gəldiyində üzündəki pərdə cırılır və çirkin siması üzə çıxır. (Daha ətraflı məlumat üçün bax: Bu surənin 81-ci ayəsi)[36]. Dinin sərvətlə bağlı mövqeyi: Bu ayədə qövmünün ağıllı adamlarının bir neçə nəsihəti qeyd edilmişdir. Bu xülasədə onların ikisinin qısa izahını verəcəyik: Onlar dedilər: “Allahın sənə verdiyi ilə axirət yurduna can at.” Bu, onu göstərir ki, mal və sərvət bəzilərinin yanlış təsəvvürlərinin əksinə olaraq pis bir şey deyil. Mühüm olan cəhət sərvətin harada xərclənməsidir. Əgər sərvət vasitəsilə axirət qazanmağa səy göstərilərsə, ondan yaxşı nə ola bilər ki? Əgər sərvət təkəbbür, qəflət, zülm, təcavüz, nəfsani istəklərin həyata keçirilməsi üçün bir vasitəyə çevrilərsə, ondan pis heç nə ola bilməz. Bu, İmam Əlinin (ə) dünya ilə bağlı söylədiyi məşhur bir cümləsində öz əksini tapmışdır: “Ona ibrət gözü ilə baxanın gözlərinə işıq gələr. Ona arzu və təmənna gözü ilə baxanın gözü kor olar.” Qarun sahib olduğu külli miqdarda sərvətlə cəmiyyətə xeyri dəyən çoxlu işlər görə bilərdi, ancaq təkəbbürü həqiqətləri görməsinə imkan vermədi. Onlar dedilər: “Dünyadakı nəsibini unutma.” Hər bir insanın dünyada bir nəsibi var. Bu miqdar onun fiziki tələbatını, geyim və yaşayış yerini ödəyəcək qədərdir. Bundan artığı ehtiyacdan kənardır. İnsan bu həqiqəti əsla unutmamalıdır. Bir insan nə qədər yemək yeyə, nə qədər paltar geyinə, neçə evdən, neçə maşından istifadə edə, ölərkən özü ilə neçə kəfən apara bilər? Deməli, bu zəruri ehtiyaclardan artığı başqalarının payıdır. Əgər insan bundan artığını qazanarsa, həmin hissə əmanət sayılır. İmam Əli (ə) belə buyurmuşdur: “Ey Adəm övladı! Öz ruzindən artıq qazancında başqalarının xəzinədarısan.” “Dünyadakı nəsibini unutma” cümləsi ilə bağlı başqa bir yozum da verilmişdir. Bu yozum yuxarıdakı izahların hamısını əhatə edir. İmam Əli (ə) bu cümlə haqqında belə buyurmuşdur: “Sağlamlığını, gücünü, azadlığını, gəncliyini, şadlığını, ehtiyacsızlığını unutma, bunların vasitəsilə axirətini qazan.” Bu izaha əsasən ayənin bu hissəsi insanları xəbərdar edir ki, fürsət əldən çıxmamış sərmayələrini əldən verməsinlər. Çünki fürsətlər bulud kimi ötüb keçir[37]. (Qarun) dedi: “Bu sərvətə malik olduğum bilik vasitəsilə nail olmuşam”. Məgər o bilmirdi ki, Allah ondan əvvəl ondan daha qüvvətli və daha varlı qövmləri məhv etmişdir? (Allahın əzabı yetişdiyində) günahkarlardan cinayətləri barəsində soruşulmaz. (Bir gün Qarun) bütün zinət əşları ilə xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: “Kaş ki, Qaruna verilənin bənzəri bizdə də olaydı! Həqiqətən, o, böyük qismət sahibidir”. Elm verilmiş kəslər isə dedilər: “Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar”. Biz onu evi ilə birlikdə (yerə) batırdıq. Allahın əzabı qarşısında ona yardım edəcək kimsə yox idi. Özü də özünə kömək edə bilmədi. Dünən onun yerində olmağı arzulayanlar (bu səhnəni gördükdə) dedilər: “Vay olsun bizə! Deməli, Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə minnət qoymasaydı, bizi də yerin dərinliyinə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!” Biz bu axirət yurdunu yer üzündə özlərini üstün tutmaq və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir. Kim yaxşı iş görsə, ona bundan daha yaxşı mükafat verilər. Kim də pis işlər görsə, pis iş görənlərin cəzası yalnız əməlləri (qədər) olar. ——————————————————————————————– Sərvət nümayişi xəstəliyi: Xudpəsənd varlılar adətən bəzi psixi xəstəliklərə tutulurlar. Bu xəstəliklərdən biri sərvət nümayişi xəstəliyidir. Onlar var-dövlətlərini başqalarına göstərməkdən, miniklərinə minməkdən, ayaqyalın yoxsullar arasından keçməkdən toz-torpağı onların üstünə qaldırmaqdan, onları təhqir etməkdən zövq alırlar. Əlbəttə, başqalarında özlərinə qarşı kin-küdurət yaratdıqları və onların hissləri ilə oynadıqları üçün çox vaxt sərvət nümayişi onların canlarının bəlasına çevrilir. Çox vaxt bu utancverici hərəkətləri həyat dəftərlərinin vərəqlərini qarışdırır və ya sərvətlərinin sovrulmasına səbəb olur. Bəziləri bu cür axmaq hərəkətləri ilə insanları tamahlandırmaq və onları özlərinə tabe etmək marağı güdə bilərlər, ancaq elələri də var ki, bu davranışlara heç bir maraq güdmədən yol verirlər. Bu isə artıq proqram deyil, nəfsin istəyidir. Hər halda Qarun bu qanundan istisna edilmir, hətta “onun bariz nümunəsidir” desək, yanılmarıq[38]. Qarunun həyasızlığının sonu və əzab əmri: Qarun sərvətini yoxsul insanların qarşısında nümayiş etdirməklə itaətsizliyini son həddə çatdırır. Musa (ə) Qarundan malının zəkatını verməsini tələb etdiyində o, sadə bir hesablama ilə külli miqdarda sərvət ödəməli olduğunu anlayır. Buna görə də zəkat verməkdən boyun qaçırıb özünü təmizə çıxarmaq üçün çirkin bir plana əl atır. Allah rəsulunun heysiyyətini ləkələmək üçün əxlaqsız bir qadına pul verib onu insanların qarşısında Musa (ə) ilə çirkin bir münasibətdə olduğunu elan etməyə razı salır. Lakin qadın insanların qarşısına çıxdığı zaman Musa (ə) Allaha and verib ondan həqiqəti deməsini istəyir. Qadın Allahın istəyi ilə çirkin niyyətindən daşınıb əsl həqiqətin üstünü açır. Bu vaxt Musa (ə) Qarunu nifrin edir. Nəticədə, Allah çirkin təbiətli Qaruna əzab göndərir və onu evi ilə birlikdə yerə batırır[39]. Axirət evi özlərini üstün tutmaq istəyində olanların evi deyil: Cinayətkar varlının ibrətamiz əhvalatı qeyd edildikdən sonra bu ayədə həmin hadisədən alınan nəticə bəyan edilir. Bu ayəyə görə, insanların ilahi nemətlərdən olan axirət evindən məhrum olmasına iki amil səbəb olur: Təkəbbür, özünü başqalarından üstün tutmaq və bütün günahları ehtiva edən fitnə-fəsad. Allahın qadağan etdiyi hər bir davranış insanın yaradılış sisteminə ziddir. Buna görə də həmin qadağaları pozmaq insanın yaranış sisteminə qarşı çıxmaq, kamilliyinə mane olmaq, yaranış qanunlarını pozmaq və yer üzündə fitnə-fəsad törətmək hesab edilir. Hətta təkəbbür də fəsadın bir nümunəsidir. Ancaq böyük təsir gücünə malik olduğu üçün ayrı şəkildə qeyd edilmişdir. Hədislərdə bu xüsusiyyətə xüsusi diqqət ayrılmışdır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəzən elə olur ki, insana ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olması zövq verir, bununla da bu ayə ona şamil olur.” Çünki bu da özünü başqalarından üstün tutmağın kiçik bir formasıdır. Xəlifəliy dövründə İmam Əli (ə) bazarlarda gəzər, yolunu azmışlara yol göstərər, zəiflərə kömək edər, satıcıların və qazanc əldə edənlərin yanından keçərək sözügedən ayəni onlara tilavət edib buyurarmış: “Bu ayə ədalətli və təvazökar rəhbərlər, habelə cəmiyyətin digər qüdrət sahibləri haqqındadır.” Yəni mən rəhbərliyi üstünlük vasitəsi hesab etmədiyim kimi, siz də maddi imkanı üstünlük vasitəsinə çevirməyin. Çünki gözəl aqibət özlərini başqalarından üstün tutmayan və fitnə-fəsad törətməyənlərə məxsusdur[40]. Möminlərin əmiri İmam Əli (ə) xilafəti qəsb edən və özünün xəlifə olduğu dövrdə ona müxalif olanlardan şikayətləndikdən sonra belə buyurmuşdur: “Sanki onlar Allahın “Biz bu axirət yurdunu yer üzündə özlərini üstün tutmaq və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir”, – deyə buyurduğunu eşitməmişdilər. And olsun Allaha! Onu eşidib başa düşmüşdülər, lakin dünya gözlərini qamaşdırmış, onun bəzək-düzəyi onları aldatmışdı.”[41] Quranı sənə vacib buyuran səni qayıdacağın yerə (vətəninə) mütləq qaytaracaqdır. De: “Rəbbim kimin hidayət gətirdiyini və kimin açıq-aydın azğınlıq içində olduğunu yaxşı bilir”. Sən bu səmavi kitabın sənə nazil olacağına ümid etmirdin. Ancaq Rəbbinin mərhəməti sayəsində bu baş verdi. İndi ki belədir, əsla kafirlərə arxa durma! Allahın ayələri sənə nazil edildikdən sonra, məbada səni bu ayələrdən döndərsinlər. Sən Rəbbinə doğru dəvət et və müşriklərdən olma! Allahla yanaşı başqa bir məbudu çağırma! Ondan başqa heç bir məbud yoxdur. Onun zatından başqa hər şey fanidir. Hakimiyyət yalnız Ona məxsusdur və hamı Ona doğru qaytarılacaqdır.     [1] Nümunə, c.15, səh.572 [2] Nümunə, c.16, səh.6 [3] Nümunə, c.16, səh.15 [4] Nümunə, c.16, səh.16 [5] Daha çox məlumat əldə etmək üçün bax: Biharül-ənvar, c.13, səh.67 [6] Biharül-ənvar, c.31, səh.518 [7] Nümunə, c.16, səh.30 [8] Nümunə, c.16, səh.35 [9] Nümunə, c.16, səh.44 [10] Əl-Mizan, c.16, səh.21 [11] Nümunə, c.16, səh.51 [12] Nümunə, c.16, səh.57 [13] Nəhcül-bəlağə, 159-cu xütbə [14] Əl-Mizan, c.16, səh.28 [15] Vəsailüş-şiə, c.20, səh.67 [16] Nümunə, c.16, səh.66 [17] Əl-Mizan, c.16, səh.32 [18] Nümunə, c.16, səh.77 [19] Əl-Mizan, c.16, səh.34 [20] Əl-Mizan, c.16, səh.34 [21] Nümunə, c.16, səh.85 [22] Əl-Mizan, c.16, səh.37 [23] Nümunə, c.16, səh.89 [24] Nümunə, c.16, səh.91 [25] Nümunə, c.16, səh.96 [26] Əl-Mizan, c.16, səh.50 [27] Nümunə, c.16, səh.98 [28] Əl-Mizan, c.16, səh.52 [29] Nümunə, c.16, səh.102 [30] Əl-Mizan, c.16, səh.54 Kitab əhlinin öncədən Peyğəmbərin (s) xüsusiyyətlərindən xəbərdar olması ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: Bəqərə – 89; Ənam – 20 [31] Nümunə, c.16, səh.115 [32] Əl-Mizan, c.16, səh.64 [33] Nümunə, c.16, səh.140 [34] Nümunə, c.16, səh.142 [35] Nümunə, c.16, səh.149 [36] Nümunə, c.16, səh.173 [37] Nümunə, c.16, səh.155 [38] Nümunə, c.16, səh.163 [39] Nümunə, c.16, səh.166 [40] Nümunə, c.16, səh.177 [41] Nəhcül-bəlağə, 3-cü xütbə

QURANI KƏRIM 10.02.2025

“Nəml” surəsi

“Nəml” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ta, Sin. Bu, Quranın və aydınlıq gətirən açıq-aşkar bir kitabın ayələridir. Möminlərə doğru yolu göstərən bələdçi və müjdədir. O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətli inamları var. Axirətə iman gətirməyənlərin (pis) əməllərini onlara gözəl göstərdik. Odur ki, onlar sərsəri gəzirlər. Bunlar əzabı ağır olacaq kimsələrdir. Onlar axirətdə ən çox ziyana uğrayanlardır. Həqiqətən, bu Quran sənə müdrik və bilən tərəfindən təlqin edilir. Bir zaman Musa öz ailəsinə: “Mən, uzaqdan bir od gördüm. (Burada qalın,) tezliklə ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız”, – demişdi. Odun yanına gəlib çatanda bir nida ucaldı: “Odun içindəki də, ətrafındakı da mübarək olsun. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir! Ey Musa! Mən yenilməz qüdrət və hikmət sahibi olan Allaham! Əsanı (yerə) at!” (Musa) onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı, hətta arxasına da baxmadı. “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar. Ancaq kim haqsızlıq edib sonra da pisliyi yaxşılığa çevirərsə, (Mən onun tövbəsini qəbul edərəm,) Mən bağışlayanam, rəhmliyəm! Əlini qoynuna sal; çıxanda heç bir qüsursuz, ağappaq və parlaq olacaq. Bu, Firon və onun tərəfdarlarına göndərilən doqquz möcüzədən biridir. Onlar fasiq və həddi aşmış bir qövmdür!” Açıq-aydın möcüzələrimiz onlara gəldikdə: “Bu, açıq-aşkar bir sehrdir!” – dedilər. ————————————————————————————— “Nəml” surəsinin ümumi məzmunu: Məkkə surələrinə xas olan məzmun bu surə üçün də spesifikdir. Etiqad baxımından daha çox xilqət və məad mövzularını, elmi və etik yöndən beş böyük peyğəmbərin (Musa, Davud, Süleyman, Saleh və Lut (ə)) həyatını və yollarını azmış qövmləri ilə mübarizələrini əhatə edir. Bununla da həm həmin vaxt Məkkədə azlıqda olan möminlərə təsəlli və ürək-dirək verilir, həm də inadkar və zalım müşriklərə xəbərdarlıq edilir. Bu surənin üstün cəhətlərindən biri burada həzrət Süleymanla (ə) Səba hökmdarının əhvalatının böyük bir hissəsinin yer alması, onun necə iman gətirməsindən danışılması, şanapipik quşu və qarışqanın Süleymanla (ə) danışmasından bəhs edilməsidir. Surədə Allahın sonsuz elmi, Onun varlıq aləmindəki hər şeyə nəzarət etməsi və bəndələri üzərindəki hakimiyyətindən qanışılır[1]. Reallıq və iman: İnsan həyatının ən mühüm cəhətlərindən biri budur ki, gerçəkliyi olduğu kimi dərk etsin, onunla bağlı mövqeyini aydınlaşdırsın, düşüncələri, azğın meylləri, sevgisi və qəzəbi gerçəkləri görməyə və dərk etməyə mane olmasın. Buna görə də məsumların (ə) Allahdan istədiyi ən mühüm istəklərdən biri belə idi: “İlahi, gerçəkləri və mövcüdatı mənə olduğu kimi göstər!” Bu hal iman olmadan mümkün deyil. Çünki nəfsani istəklər bu yolun ən böyük maneəsidir. Maneə isə yalnız təqva, nəfsani istəklərin cilovlanması sayəsində aradan qalxa bilər. Bu həqiqətin aşkar və faktiki nümunəsini dünyapərəstlərin həyatında görmək olar. Onlar yalnız utanc verən, çirkaba bulaşmış və rüsvayçılıq gətirən vasitələri, anarxiyanı, çılpaqlığı, dəbdəbəli həyat tərzini və sairəni fəxr mənbəyi hesab edib mədəniyyət göstərcisi kimi qəbul edirlər. Pis və utancverici əməlləri onlara elə gözəl göstərilir ki, onlara görə utanmamaqla yanaşı, fəxr edib qürur duyurlar[2]. Odda olan kim idi, onun ətrafında olan kim: Təfsirçilər burada kimlərin nəzərdə tutulması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Daha ağlabatan rəy odda olan şəxsin Musa (ə), ətrafdakıların isə həmin vaxt bu ərazini əhatə edən yaxın mələklər olduğu deyilən rəydir. Belə ki, Musa (ə) yaşıl ağacın ortasından qalxan oda o qədər yaxınlaşır ki, sanki onun ortasında yer alır. Bunun əksi də ola bilər, odun içində olan mələklər, kənarında olan isə Musadır (ə). Üçüncü təfsirdə “odda olan” deyilərkən Allahın odun içində olan nurunun, “odun ətrafında olan” deyilərkən isə Musanın (ə) nəzərdə tutulduğu qeyd edilmişdir. Hər halda, burada Allahın cism olması ilə bağlı şübhə yaranmaması, Allahın eyib, nöqsan və cisimlikdən uzaq olduğunu çatdırmaq üçün ayənin sonunda Allah-taala “aləmlərin rəbbi olan Allah pak və müqəddəsdir”, – deyə buyurmuşdur[3]. Ürəklərində buna qəti əmin halda, haqsızcasına və özlərini üstün tutaraq onu inkar etdilər. Bax gör, fəsad törədənlərin aqibəti necə oldu! Biz Davuda və Süleymana böyük bir elm verdik. Onlar dedilər: “Həmd bizi öz mömin qullarının çoxundan üstün tutan Allah üçündür!” Süleyman Davuda varis oldu və dedi: “Ey insanlar! Bizə quşların dili öyrədildi və bizə hər şeydən ve­­rildi. Bu, açıq-aşkar üstünlükdür”. Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu onun üçün toplandı. O qədər çox idilər ki, bir-birinə qoşulmaq üçün dayanmalı idilər. Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsin”. (Süleyman) onun bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək, Sənin razılığına səbəb olacaq yaxşı əməl etmək üçün ilham ver və məni əməlisaleh bəndələrinin sırasında Öz mərhəmətinə qovuşdur!” (Süleyman) o (şanapipiyi) axtarıb dedi: “Şanapipiyi nə üçün görmürəm? Yoxsa o burada yoxdur? O, mənə aşkar bir dəlil gətirməsə, ya ona şiddətli bir əzab verəcəyəm, ya da başını bədənindən qoparacağam”. Çox keçmədi (şanapipik gəldi və) dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan qəti bir xəbər gətirmişəm. ————————————————————————————— Kafirin məlumatı: Bu ayəyə əsasən deyə bilərik ki, həqiqi iman ilə elm və yəqin bir-birindən fərqli şeylərdir. Həmçinin küfrün elm və yəqinə malik olmaqla yanaşı inkar üzündən baş verməsi də mümkündür. Başqa sözlə desək, həqiqi iman haqq qarşısında tam şəkildə təslim olmaqdır. Deməli, insan nəyəsə qəti əmin olduğu halda, əmin olduğu həqiqət qarşısında zahirən və daxilən təslim olmazsa, iman gətirmiş sayılmır. Bu cür insanlar bilərəkdən inkarçı olan insanlar qrupuna aid edilir. İmam Sadiq (ə) küfrün beş qismini bəyan edərkən inkar etməni onlardan biri kimi qeyd edir. Qəsdən inkarçılığı isə belə izah edir: “Qəsdən inkarçılıq insanın nəyinsə haqq olduğuna qəti şəkildə əmin olduğu halda, inkar etməsinə deyilir”. Daha sonra İmam (ə) sözügedən ayəni oxumuşdur[4]. Quşların dili: Bu ayədə quşların danışa bilməsi, şüur və dərk sahibi olduqları açıq şəkildə qeyd edilmişdir. Quşlar digər heyvanlar kimi, müxtəlif vəziyyətlərdə fərqli-fərqli səslər çıxarırlar. Dəqiq araşdırma və diqqət sayəsində bu səs fərqlərindən onların vəziyyətlərini müəyyən etmək olar. Qəzəb, sevinc, aclıq və sair halları ifadə edən səslər demək olar ki, bir-birindən fərqlənir. Lakin haqqında danışdığımız ayələrdə daha fərqli məzmundan danışılır. Ayələrdə onların dəqiq məlumatları əks etdirən, insanlarla ünsiyyəti ehtiva edən nitq sahibi olduqları qeyd edilmişdir. Bu, bəzilərinə qəribə görünsə də, alimlərin apardığı araşdırmalar və bəzi quşlarla bağlı müşahidələr burada heç bir qəribəliyin olmadığını göstərir. Heyvanların, xüsusilə quşların zəkası ilə bağlı daha heyrətamiz məlumatlar mövcuddur. Onların yuva düzəltmə qabiliyyəti, balalarının gələcək vəziyyəti, ehtiyacları və çətinlikləri ilə bağlı məlumatları, bir neçə ay öncədən havanın necə olmasıni bilmələri, baş verməzdən əvvəl zəlzələdən xəbərdar olmaları, ümumiyyətlə, quşlar və heyvanlarla bağlı əlimizdə olan bu qəbil məlumatlar canlıların çox yüksək şüur və idraka malik olduqlarından xəbər verir. Bütün bu faktlara əsasən onların özlərinə məxsus danışıq qabiliyyətinə malik olması, onların dillərini bilən insanlarla bildikləri dildə danışa bilmələri heç də təəccüblü deyil. Quranın digər ayələrində də bu mövzunun müxtəlif formalarına işarə edilmişdir (Ənam surəsi-38). Hədislərdə də bu mövzu haqqında çox danışılmışdır. İmam Sadiqin (ə) hədislərinin birində İmam Əlinin (ə) İbn Abbasa belə buyurduğu qeyd edilmişdir: “Allah həzrət Süleymana öyrətdiyi kimi, bizə də quşların, quruda və suda yaşayan bütün canlıların dilini öyrətdi.”[5] Həzrət Süleymanın (ə) hökmranlığının sərhədləri: Bu ayəni təfsir edərkən bütün insanların, cinlərin, quşların, yoxsa onların bir qisminin həzrət Süleymanın (ə) ordusunu təşkil etməsi bəzi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Əslində, Süleyman (ə) bütün yer üzünün hakimi deyildi, onun hakimiyyətinin sərhədləri Şam, Beytül-müqəddəs və ehtimal ki, bəzi ətraf əraziləri əhatə edirdi. Hətta sonrakı ayələrdən belə məlum olur ki, şanapipiyin əhvalatına qədər Yəmən onun hökmranlığı altında olmamışdır. Yəmən yalnız şanapipiyin əhvalatından və Səba hökmdarı təslim olduqdan sonra onun hakimiyyəti altına keçmişdir. Habelə, bu ayələrdən belə məlum olur ki, onun əmrinə tabe olan quşlar arasında yalnız bir şanapipik var idi. Çünki Süleyman (ə) onu görmədikdə axtarmışdır. Əgər söhbət bütün quşlar, o cümlədən minlərlə şanapipikdən getsəydi, bu ifadə düzgün olmazdı[6]. Mən onlara hökmranlıq edən, ixtiyarında hər şey və çox böyük bir taxtı olan bir qadın gördüm. Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərinin şahidi oldum. Şeytan əməllərini onların gözündə gözəl göstərib yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər.” Nə üçün göylərdə və yerdə gizli olanı aşkara çıxardan, sizin gizlətdiklərinizi də, üzə çıxartdıqlarınızı da bilən Allaha səcdə etməsinlər? Böyük ərşin Rəbbi olan Allahdan başqa tanrı yoxdur. (Süleyman) dedi: “Araşdıraq görək, doğru deyirsən, yoxsa yalançılardansan? Mənim bu məktubumu apar onların yanına at. Sonra qayıt (bir guşədə dayan) və bax gör nə əksüləməl göstərəcəklər!” (Səba hökmdarı) dedi: «Ey əyanlar! Mənə çox qiymətli bir məktub atıldı. Bu məktub Süleymandandır və onda deyilir: “Rəhman və Rəhim Allahın adı ilə! Tövsiyəm budur ki, mənə qarşı təkəbbür göstərməyin və yanıma Haqqa təslim olan halda gəlin!” (Sonra Səba hökmdarı) dedi: “Ey əyanlar! Bu əhəmiyyətli məsələ barəsində fikrinizi mənə bildirin. Mən heç bir mühüm işi sizin iştirakınız (və məsləhətiniz) olmadan etməmişəm.” Dedilər: “Biz kifayət qədər böyük qüdrətə və çox böyük hərbi gücə malikik. Ancaq son qərar sənindir, bax gör, nə qərar verirsən!” Dedi: “Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman oranı viran qoyar, xalqının hörmətli adamlarını da xar edərlər. Onlar bax belə edərlər. Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə xəbər gətirəcəklər. ——————————————————————————— 29-30. Məktub yazmaq üsulu: Bu ayələrdə mühüm və tale yüklü məsələlərdən bəhs edən məktubun hansı formada yazılması göstərilmişdir. Süleymanın (ə) məktubu “Rəhman və Rəhim olan Allahın adı ilə” cümləsi ilə başlayır və əsas mətləb iki cümlə ilə çatdırılır. Bizim böyük imamlarımız məktubların qısa və lakonik, lazımsız və artıq sözlərə yol verilmədən, tamamilə ölçülüb-biçilərək yazılmasını israrla tövsiyə etmişlər. Möminlərin əmiri İmam Əli (ə) məktublarının birində məmurlarından birinə belə yazmışdır: “Qələmlərinizin ucunu iti edin, sətirləri bir-birinə yaxın edin, məktublarınızda mənə artıq sözlər yazmaqdan çəkinin, daha çox məzmuna fikir verin, uzunçuluğa yol verməyin. Çünki müsəlmanlar bu zərər və xərci ödəyəcək imkana malik deyillər.” Bu göstəriş müsəlmanların malına qənaət edilməsi ilə yanaşı, yazıçının və oxucunun da vaxtının qənaət edilməsinə səbəb olur. Bu qaydalara riayət edilməməsi məktubun əsas məqsədinin şablon cümlələr arasında itib-batması, yazıçı və oxucunun öz məqsədlərinə çatmaması ilə nəticələnir. Adətən, məktub insanın şəxsiyyətindən xəbər verir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Sənin başqalarına göndərdiyin elçi ağlının tərcümanıdır, məktubun sənin tərəfindən danışan ən parlaq vasitədir.” İmam Sadiq (ə) buyurmuşdur: “Məktub insanın ağlının miqyasının və bəsirətinin ölçüsünün göstəricisidir.” Hədislərdə məktubun cavabının salama cavab qədər vacib olduğu qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Salamın cavabı vacib olduğu kimi, məktubun da cavabı vacibdir.”[7] Təfsirçilər həzrət Süleymanın (ə) məktuba “Rəhman və Rəhim Allahın adı ilə” cümləsi ilə başlaması və bu məzmunu ehtiva edən hədislərə istinad edərək bu cümlənin təkcə məktub deyil, bütün işlərin əvvəlində qeyd edilməsinin faydalı, hətta lazımlı olduğunu bildirmişlər. Məsələn, dəstəmaz alarkən bu cümlənin deyilməsi bədənin tam şəkildə pak olması, Həmd və surənin astadan oxunması lazım olan namazlarda (zöhr və əsr), habelə müstəhəb namazlarda ucadan deyilməsi namaz vaxtı şeytanın namaz qılandan uzaqlaşmasına, çətinliklərlə qarşılaşdıqda deyilməsi çətinliklərin aradan qalxmasına, miniyə minərkən təhlükələrdən qorunmaya, hər hansı məkana və evə daxil olarkən bərəkətin oraya nazil olmasına, şeytanların həmin yerdən qovulmasına səbəb olur. Evin və ev sakinlərinin bəlalardan qorunması üçün bu cümlənin evlərin giriş qapısına yazılması məsləhətdir[8]. 34-35. Hökmdarların xüsusiyyətləri: Bu ayələrdə despot hökumət və imperiyaların məmləkətlərin məhvinə və hörmətli insanların xar olmasına səbəb olduğu qeyd edilmişdir. Belə ki, despot hakimiyyətlər şəxsiyyətli insanları idarəçilikdən kənarlaşdırır, yaltaqları işə götürür, yalnız öz mənfəətlərini güdürlər. Onlar hədiyyə, rüşvət, var-dövlət düşkünü olurlar, bu işlərlə məşğul olanlar onlar üçün daha əzizdir. Şahların fikri və düşüncələri var-dövlət və şan-şöhrət əsiri olduğu halda, peyğəmbərlər yalnız xalqların islahını düşünürlər. Şahlar hədiyyələrə çox düşkün olurlar, zəif cəhətləri də məhz elə budur. Onları qiymətli hədiyyələrlə ram etmək olar. Buna görə də Səba hökmdarı Süleymana (ə) hədiyyə göndərib onun şah, yoxsa peyğəmbər olduğunu öyrənmək istəyir. O fikirləşir ki, əgər Süleyman (ə) hədiyyəni qəbul etsə, deməli, istək və arzularının arxasınca düşüb ölkələr fəth etmək istəyən bir şahdır, yox əgər hədiyyələri qəbul etməsə, deməli, onun məqsədi hökmranlıq, işğal və şan-şöhrət deyil, başqadır. Buna görə də onunla ağılla davranmaq lazımdır[9]. (Səba hökmdarının elçiləri) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım etmək istəyirsiniz? Allahın mənə bəxş etdiyi sizə verdiyindən daha yaxşıdır. O sizlərsiniz ki, öz bəxşişlərinizlə fərəhlənirsiniz. Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan xar və alçalmış vəziyyətdə çıxaracağıq!” (Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş sizlərdən hansınız onun taxtını mənə gətirə bilər?” Cinlərdən olan bir ifrit dedi: “Sən yerindən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” Kitabdan xəbəri olan bir nəfər isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) onu (taxtı) yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, öz xeyrinə şükür etmiş olur, kim də nankor olsa, (öz zərərinə olur,) Rəbbim ehtiyacsız və kərimdir!” (Süleyman) dedi: “Onun taxtını tanınmaz hala salın, görək onu tanıyacaq, yoxsa haqqı tapmayanlardan olacaq?” O gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O: “Deyəsən odur! Biz bundan öncə bilmiş və müsəlman olmuşuq!” – deyə cavab verdi. (Süleyman) onu Allahdan başqa tapındığı şeydən çəkindirdi. Çünki o, kafir bir tayfadan idi. Ona: “Həyətə (sarayın həyətinə) daxil ol!” – deyildi. Oraya baxdıqda oranın göl olduğunu güman etdi və (sudan keçmək üçün) ətəyini çırmaladı. (Süleyman) dedi: “Bu, (su deyil,) hamar büllurdan düzəldilmiş bir saraydır!” (Səba hökmdarı) dedi: “Ey Rəbbim! Mən özümə zülm etmişəm. İndi isə Süleymanla aləmlərin Rəbbi olan Allaha təslim oldum!” —————————————————————————————— Cinlərdən olan ifrit və kitabdan xəbəri olan şəxs: “İfrit” təkəbbürlü və hiyləgər deməkdir. “Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” cümləsi də bu ifritin xəyanət edə biləcəyindən ehtiyat edildiyini göstərir. Buna görə də ifrit özünü müdafiə edərək əmanətdar və vəfalı olacağına söz verir. Soruşula bilər ki, cinlərdən olan bir ifrit belə bir qeyri-adi işi necə bacara bilərdi? Qeyd etməliyik ki, hətta imanı olmayan şəxslər də bəzən nəfsi ilə mübarizə və ağır məşqlər sayəsində qeyri-adi işlər görə bilərlər. Lakin onların gördükləri qeyri-adi işlərlə möcüzənin fərqi ondadır ki, bu işlər insanın məhdud gücünə əsaslandığı üçün hər zaman məhduddur. Möcüzə isə Allahın sonsuz qüdrətindən qaynaqlanır, digər nişanələri kimi bu da sonsuzdur. Bu fərqi əks etdirən ən bariz nümunə cinlərdən olan ifritlə kitabdan xəbəri olan şəxsin fərqini ehtiva edən ayələrdir. Ayədə işarə edilən şəxsin kimliyi, malik olduğu elmi haradan əldə etməsi “kitabın elmi” deyilərkən nə nəzərdə tutulması məsələsi təfsirçilər arasında fikir ayrılıqlarına səbəb olmuşdur[10]. Əhli-beyt (ə) hədislərində həmin şəxsin həzrət Süleymanın (ə) vəziri və özündən sonrakı canişini olan Asəf ibn Bərxiya olduğu qeyd edilmişdir[11]. Bəziləri bildirir ki, bu imanlı şəxs Allahın əzəmətli adlarından xəbərdar olmuşdur. Belə ki, hər bir şey bu adlar qarşısında təzim edir və onlar insana qeyri-adi güc bəxş edir. Əlbəttə, bu, o demək deyil ki, insan onları deməklə onlar güclü təsir yaradırlar. Allahın əzəmətli adlarını bilmək deyərkən insanın onları öz ruhuna və canına hopdurması, bilik, əxlaq, təqva və iman baxımından həmin adların təzahürünə çevriləcək kamilliyə çatması nəzərdə tutulur. Bir şöləsi də əzəmətli ad olan bu mənəvi və ruhi kamillik insana belə bir qeyri-adilik yaratmaq gücü bəxş edir[12]. Ayənin məzmunundan belə məlum olur ki, həmin şəxsin xüsusi bir elmi və Allahla yaxınlığı olmuşdur. Çünki nə zaman Allahdan bir şey istəsəydi və istəyini dilə gətirsəydi, Allah istəyini verərdi[13]. 41-44. Süleymanın (ə) tərbiyə metodu: Ayələrdə Süleymanın (ə) Səba hökmdarının iman gətirməsinə səbəb olacaq iki davranış tərzindən söhbət açılır. Birincisi bu idi ki, o, Səba hökmdarının taxtını qeyri-adi şəkildə öz sarayına gətirib tanınmaz şəkilə salmışdı. Halbuki yüksək zəkaya və düşüncəyə malik olan hökmdar öz taxtını görən kimi onu tanımış və Süleymanın (ə) ilahi və qeyri-adi gücə malik olduğunu başa salmaq istəyində olduğunu anlamışdı. Buna görə də ona “buna ehtiyac yox idi, biz bundan əvvəl Süleymanın qüdrətindən xəbərdar olmuş və ona tabe olmuşuq” demişdi. Süleyman (ə) daha sonra öz peyğəmbərliyini sübuta yetirmək üçün başqa bir əlamət göstərmiş, hökmdarı sarayın hamar büllurdan düzəlmiş həyətinə dəvət etmişdir. Sarayın həyətinin döşəməsi elə düzəldilmişdi ki, hökmdar oranın su hovuzu olduğunu güman etmiş, buna görə də oradan keçmək üçün ətəyini çırmalamışdır. Ancaq sonra başa düşmüşdür ki, burada heç bir su yoxdur, büllur döşəmə o qədər hamardır ki, saf su kimi görünür. Burada artıq Süleymanın (ə) adi bir insan olmaması, həqiqətən, Allahla əlaqəsinin olması ilə bağlı onda heç bir şək-şübhə qalmamışdır. Hökmdar şanapipiyin gəliş forması, Süleymanın (ə) hədiyyə qəbul etməməsi, taxtın gətirilməsi hadisələrini gördükdən sonra tərəddüd etmədən dərhal öz qaranlıq keçmişini etiraf etmiş, Allah qarşısında təslim olub Ona iman gətirmişdir. Süleyman (ə) ordu yürütmədən və qan tökmədən bu cür məsələlərə əhəmiyyət verən qadın psixologiyasını nəzərə alaraq, hökmdarı heyrətləndirir və müharibə olmadan istəyinə nail olur[14]. Biz Səmud tayfasına – Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar isə bir-biri ilə düşmənçilik edən iki firqəyə bölündülər. O dedi: “Ey qövmüm! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmir­­siniz? Ola bilsin ki, sizə rəhm oluna”. Onlar dedilər: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa düçar olduq”. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allah yanındadır. Siz aldanmış bir camaatsınız”. O şəhərdə doqquz kiçik qrup var idi ki, yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. Onlar dedilər: “Gəlin Allaha and için ki, gecə ona və ailəsinə basqın edəcək (onları öldürəcək), sonra da onun qan qohumuna deyəcəyik ki, biz onun ailəsinin öldürüldüyündən xəbər tutmamışıq və biz düzünü deyirik”. Onlar plan cızıb tədbir tökdülər, Biz də tədbir tökdük. Lakin onlar hiss etmədilər. Bax gör onların hiylələrinin aqibəti necə oldu. Biz onları bütün tayfaları ilə birlikdə yerlə-yeksan etdik. Zülm və haqsızlıqları ucbatından boş qalmış evləri də budur. Bunda bilən adamlar üçün əlamət vardır. İman gətirib təqvalı olanları isə xilas etdik. Lutu (yada sal.) Bir zaman öz qövmünə demişdi: “Gözünüz görə-görə çirkin işmi görəcəksiniz? Siz qadınları qoyub ehtiras ucbatından kişilərin yanınamı gedəcəksiniz? Siz nadan bir qövmsünüz!” —————————————————————————————– İstiğfar etməyin (bağışlanma diləməyin) əsl mahiyyəti: Bu ayədə həzrət Salehin (ə) iatiğfarın Allahın rəhmətini cəlb edən amil olduğunu dediyini görürük. Yaddan çıxarmamalıyıq ki, istiğfar dillə ifadə etməkdən daha üstün məzmun daşıyır. Bir nəfər İmam Əlinin (ə) yanında “əstəğfirullah” deyir. İmam Əli (ə) buyurur: “Anan matəmində otursun. Bilirsən istiğfar nə deməkdir? İstiğfar böyük insanlara xasdır. İstiğfar altı mənanı ehtiva edir: 1. Keçmişlə bağlı peşmançılıq; 2. Günaha dönmənin həmişəlik tərk edilməsində qərarlılıq; 3. Allahla günah yükündən xilas olmuş halda görüşmək üçün insanların haqlarını geri qaytarmaq; 4. Yerinə yetirilməmiş bütün vaciblərin yerinə yetirilməsi; 5. Bədəndə haramdan yaranmış əti dəri sümüyə bitişincəyə və dəri ilə sümük arasına yeni ət gələnə qədər qəm-qüssə çəkmək; 6. Bədənə günahın şirinliyini daddığı kimi, itaət əziyyətini daddırmaq. Yalnız bundan sonra “əstəğfirullah” de!”[15] 48-49. Fəsad törədən doqquz qruplaşma: Bu ayədə işarə edilən şəhər “Hicr” şəhəridir. Şəhər Şamla Hicazın arasında Səmud qövmünün yaşadığı “Vadil-qura” adlı ərazidə yerləşirdi. Orada doqquz kiçik qrup var idi. Onlar qərara gəlirlər ki, gecə vaxtı Salehin (ə) evinə basqın edib onu ailəsi ilə bilikdə həlak etsinlər və sonra da Salehin (ə) qan qohumuna bu qətldən xəbərsiz olduqlarını desinlər. Bənzər planı müşriklər Peyğəmbərin (s) zamanında da düşünmüşdülər. Belə ki, Məkkə müşrikləri Peyğəmbəri (s) aradan götürməklə bağlı qərar qəbul edirlər. Ancaq bu qərarı necə icra edəcəkləri ilə bağlı konkret fikrə gələ bilmirlər. Bu vaxt Şeytan qoca bir kişi simasında məclisə daxil olur, qırx qəbilədən qırx nəfərin toplanmasını, gecə ikən Peyğəmbərin (s) evinə basqın edib onu qətlə yetirmələrini təklif edir. Bu minvalla Peyğəmbərin (s) qətlində qırx nəfərin əli olduğu üçün qanı itəcək və yaxın qohumları qanbahası istəmək məcburiyyətində qalacaqdılar. Əlbəttə, ilahi yardımlar və həzrət Əlinin (ə) fədakarlığı sayəsində onların planları alt-üst olur (Bəqərə – 207). Bəzi təfsirçilər yazırlar ki, Salehi (ə) öldürmək istəyən doqquz qrup mələklər tərəfindən atılmış daşlar vasitəsilə həlak edilir. Bəziləri yazır ki, Saleh (ə) kimsə hiss etmədən onların arasından keçib getmiş və o getdikdən sonra Allah-taala əzab göndərərək onları məhv etmişdi. Bəziləri isə onların dağa qalxdığını, orada Salehi (ə) gözləyərkən dağın üzərlərinə aşıb onları məhv etdiyinı yazırlar[16]. Boş evlər: “Xaviyət” sözünün kökü “xavə”, mənası isə süquta uğrayan, viran qalan və boşalandır. Bu ifadə axan ulduzlar haqqında da işlədilir. “Xavən-nəcm”, yəni ulduz axdı. Əslində, “xavə” sözünün əsl mənası boşalmaqdır. Bu söz ac qarınlar, puç qoz, yağışsız ulduzlar (Cahiliyyət dövrünün ərəblərinin inancına görə üfüqdə görünən hər bir ulduzun bir yağışı vardır) haqıqnda işlədilir. Bu ayədə Səmud qövmünün evlərinin törətdikləri zülm və haqsızlıq nəticəsində boş qaldığı, onlardan heç bir səs-səmir, hənirti gəlmədiyi, günah dolu məclislər, naz-nemətlər və təmtəraqdan heç bir əsər-əlamət qalmadığı buyurulur. Əlbəttə, zülm və haqsızlıq odu onları yandırıb viran qoymuşdu[17]. Qövmünün cavabı isə ancaq: “Lutun ailəsini şəhər və diyarınızdan çıxarın. Çünki onlar ismətli insanlardır!” – demələri oldu. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun geridə qalanlardan olmasını istədik. Biz onların üstünə yağış yağdırdıq. Qorxudulanların yağışı necə də pisdir! De: “Həmd Allaha məxsusdur, salam olsun Onun seçilmiş bəndələrinə! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarınız? (Şərik qoşduğunuz bütlər yaxşıdır,) yoxsa göyləri və yeri yaradan? Sizin üçün göydən su göndərdik, onunla gözəl və ürək oxşayan bağlar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar (nadanlıqları ucbatından yaranmışları Rəblərinə) bərabər tutanlardır. Yoxsa yeri sabit edən, arasından çaylar axıdan, üzərində möhkəm dağlar yaradan və iki dənizin arasında maneə qoyan? Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların çoxu bilmir. Yoxsa dara düşən şəxs dua etdiyi zaman onu qəbul edən, şəri sovuşduran və sizi yer üzünün xəlifələri edən? Allahla yanaşı başqa bir məbudmu var? Çox az xatırlayırsınız. Yoxsa səhranın və dənizin qaranlıqlarında sizi yönləndirən, küləkləri rəhmətindən əvvəl (yağışdan qabaq) müjdəçi kimi göndərən? Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. ————————————————————————————– “Həmd aləmlərin Rəbbi üçündür” ifadəsinin savabı: Əhli-beyt (ə) hədisrlərində “həmd aləmlərin Rəbbi üçündür” ifadəsini (“əlhəmdulillah” zikrini) deməyin çox savabı olduğu qeyd edilmişdir. Bir gün Müfəzzəl İmam Sadiqdən (ə) “mənə ümumi və əhatəli bir dua öyrət”, – deyə xahiş etdikdə İmam (ə) buyurur: “Allaha həmd və şükür et. Elə bir namaz qılan qalmaz ki, sənə dua etməsin. Çünki onlar namaz qılarkən “səmiəllahu limən həmidəh” (Allah həmd və şükür edənin həmd və şükürünü eşidir)”, – deyirlər.” Başqa bir hədisdə belə deyilir: Əgər bir nəfər gün ərzində dörd dəfə həmd desə, həmin günün şükürünü etmiş sayılır; əgər gecə həmd desə, həmin gecənin şükürünü etmişdir. İnsan hətta xoşluq və çətinlik vaxtları da Allaha həmd və şükür etməlidir. Nemət verildikdə “bu nemətə görə Allaha həmd olsun”, bəla ilə qarşılaşdıqda “hər bir vəziyyətə görə Allaha həmd olsun” desin.”[18] Allahın seçilmiş bəndələrinə salam olsun: “Seçilmiş bəndələr” deyilərkən peyğəmbərlər və pak imamlar (ə) nəzərdə tutulur. “Ali-İmran” surəsinin 33-cü ayəsində belə deyilir: “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi.” Təfsirçilər yazırlar ki, Allah-taala bu cümlə ilə məsumların, yəni peyğəmbər və imamların digər insanlardan üstün olduğunu, Əhli-beyt imamları (ə) İbrahimin (ə) nəslindən olduğunu yazırlar[19]. Hədislərdə də Peyğəmbərin (s) pak ailəsinin bu ayənin aşkar nümunələrindən olduğu qeyd edilmişdir (Daha ətraflı məlumat üçün bax:“Ali-İmran” surəsinin 33-cü ayəsi)[20]. Dara düşən şəxsin duası: Bu ayədə Allah tərəfindən problemlərin həlli və duaların qəbul edilməsindən danışılır. Səbəblər dünyasının bütün qapıları insanın üzünə bağlandıqda, bıçaq sümüyə dirəndikdə, insanın əli hər tərəfdən üzüldükdə problemlər düyününü açan, müşkülləri aradan qaldıran, qəlblərə ümid nuru bəxş edən, rəhmət qapılarını dara düşmüş insanın üzünə açan yalnız Allahdır. Allah bütün dua şərtlərini özündə cəm edən duaçının duasını qəbul etməsinə baxmayaraq, bu ayədə “dara düşən şəxs” ifadəsini xüsusi olaraq qeyd edir. Çünki duanın şərtlərindən biri insanın bütün səbəblər aləmindən əl üzməsi, bütün qəlbini və ruhunu Allahın ixtiyarına verməsi, hər şeyin Ondan olduğuna, bütün müşküllərin həllinin Onun əlində olmasına əmin olmasıdır. Bu düşüncə isə özünü yalnız insan darda olduğu vaxt büruzə verir. Doğrudur ki, bu dünya səbəblər dünyasıdır və mömin bütün səy və fəaliyyətlərini bu istiqamətdə həyata keçirir, ancaq səbəblər dünyasında itib-batmır, hər şeyin Onun pak zatının bərəkətindən qaynaqlandığını yaddan çıxarmır. Bu isə duanın qəbul olunmasının ən mühüm şərtidir. Bəzi hədislərdə bu ayə İmam Mehdinin (ə) qiyamına yozulmuşdur. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Bu ayə Ali-Mühəmmədin Mehdisi haqıqnda nazil edilmişdir. And olsun Allaha, qəm-qüssə içində olan və çıxılmaz vəziyyətdə qalan odur. İbrahim məqamında iki rükət namaz qılıb əlini Allah dərgahına qaldıraraq dua etdiyində Allah-taala onun duasını qəbul edəcək, narahatlıqlara son qoyacaq və onu yer üzünün xəlifəsi edəcək.” Təbii ki, ayənin məzmunu daha genişdir. Onun nümunələrindən biri həzrət Mehdinin (ə) varlığıdır. Yer üzünü fitnə-fəsad bürüdüyü, insanların çətinliklər içində çıxılmaz vəziyyətdə qaldığı, bütün dünyanı qəm-qüssə bürüdüyü vaxt o, dünyanın ən müqəddəs yerində dua edəcək, çətinliklərin aradan qalxmasını istəyəcək və Allah-taala da onun duasını müqəddəs dünya inqilabının başlanğıcı edərək, “sizi yer üzünün xəlifəsi edəcək” ayəsində də buyurulduğu kimi, onu və dostlarını yer üzünün canişinləri edəcək[21]. Yoxsa məxluqatı əvvəldən yaradan, sonra onu yenidən qaytaran, sizə göydən və yerdən ruzi verən? Allahla yanaşı başqa bir məbudmu var?” De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Nə zaman diriləcəklərini də bilmirlər. Onların (müşriklərin) axirət haqqında heç bir doğru-düzgün məlumatları yoxdur, əksinə, onun barəsində şəkk-şübhə içindədirlər, hətta ona qarşı kordurlar”. Kafirlər dedilər: “Biz və atalarımız torpağa qarışdıqdan sonra torpaqdan çıxardılacağıq? Bu, həm bizə, həm də daha əvvəl atalarımıza verilmiş bir vəddir. Bu, keçmişdəkilərin uydurma əfsanələrindən başqa bir şey deyildir”. De: “Yer üzündə gəzib dolaşın və görün günahkarların aqibəti necə olmuşdur!” Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” – deyirlər. De: “Bəlkə də tələsik istədiyiniz şeyin bir qismi artıq sizə yaxınlaşmışdır”. Həqiqətən, sənin Rəbbin insanlara qarşı lütfkardır, lakin onların çoxu naşükürdür. Şübhəsiz ki, sənin Rəbbin onların qəlblərində gizli saxladıqlarını və aşkar etdiklərini bilir. Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın yazıda (lövhi-məhfuzda və Allahın sonsuz elm xəzinəsində) olmasın. Bu Quran İsrail oğullarının ixtilafda olduqları şeylərin çoxunu onlara bəyan edir. —————————————————————————————– Kor dünyapərəstlər: “İddarəkə” sözü “tədərəkə” sözündən düzəlmiş, mənası bir şeyin hissələrinin hamısının zəncirin halqaları kimi tamamlanana qədər birinin digərinin ardınca gəlməsdir. Deməli, ayənin mənası belə olur: Onlar bütün elmlərini və biliklərini axirətdən başqa şeylərə sərf etdilər, nəhayət, axirət üçün heç bir dərk yolu saxlamadılar. Bu cəhətdən sözügedən ayə “Bizi xatırlamaqdan üz çevirib yalnız dünya həyatı istəyən şəxsdən üz çevir. Onların bilik səviyyəsi budur…” (Nəcm-29-30) ayələrinə bənzəyir. Ayədə elmin axirət bilgisindən məhrum olma mərhələlərinə və inadkar müşriklərin onun ən yüksək həddində olmasına işarə edilmişdir. “Onların (müşriklərin) axirət haqqında məlumatları yoxdur”, yəni onların axirət haqqında heç bir bilgiləri yoxdur, “əksinə, onun barəsində şəkk-şübhə içindədirlər”, yəni, Qiyamət haqqında eşitsələr də, bildikləri qəlblərinə nüfuz etməmiş, bu haqda qəti inama malik olmamış, əksinə, ona şək-şübhə ilə yanaşırlar. “Hətta ona qarşı kordurlar”, yəni Qiyamətə inanmamaları çirkin inanclarının və əməllərinin ruhlarının gözünü kor etməsi, nəticədə, düşüncə və dərkdən məhrum qoyması ilə bağlıdır. Onlar bu səbəbdən axirət günündən xəbərsizliyin son həddindədirlər və onunla bağlı bütün dərk yolları bağlıdır[22]. Tələskənlik nə üçündür? “Rədifə” sözü “rədf” sözündən götürülmüş, mənası hər hansı şeyi izləməyə deyilir. Buna görə də at minənə “radif” deyilir. Habelə, bu söz bir-birinin ardınca düzülmüş fərdlər və əşyalar haqqında işlədilir. Bəziləri hesab edir ki, “əzab” deyilərkən burada müsəlmanlarla kafirlərin ilk döyüşü olan Bədr müharibəsində müsəlmanların inadkar kafirlərə endirdiyi zərbə, nəticədə, kafirlərdən yetmiş nəfərin öldürülməsi və yetmişinin də əsir götürülməsi nəzərdə tutulur. Belə bir ehtimal da var ki, burada ümumi əzab nəzərdə tutulur. Sadəcə, aləmlərə rəhmət olan Peyğəmbərin (s) varlığı əzabın gəlməməsinə səbəb olmuşdur. “Ənfal” surəsinin 33-cü ayəsində də bu məsələyə işarə edilmişdir. “Bəlkə də” ifadəsi Peyğəmbərin (s) dilindəndir. Hətta bu ifadə Allahın dilindən olsa belə, heç bir problem yaratmır. Çünki sözügedən ifadə ilə nəyinsə baş verəcək ərəfədə olduğuna eyham vurulur. Təbii ki, baş verəcək hadisə ilk mərhələlərdə hər hansı maneə ilə qarşılaşa və yarımçıq da qala bilər[23]. Quran İsrail oğulları arasında mövcud olan ixtilafa aydınlıq gətirir: İsrail oğulları arasında bir çox məsələlərdə, o cümlədən Məryəm (ə), İsa (ə), Tövratda gələcəyi haqqında müjdə verilmiş peyğəmbərin kimliyi və bir çox dini məsələlərlə bağlı ixtilaf var idi. Quran onların ixtilafda olduqları məsələlərə aydınlıq gətirdi, İsanın (ə) açıq şəkildə “mən Allahın bəndəsiyəm, mənə səmavi kitab verib peyğəmbər təyin etmişdir” (Məryəm-30) dediyini elan etdi, Məsihin (ə) anadan atasız olaraq dünyaya gəldiyini, bunun qeyri-mümkün bir hadisə olmadığını buyuraraq onu Adəmin (ə) atasız və anasız olaraq torpaqdan yaranması ilə əsaslandırdı (Ali-İmran-59). Habelə, haqqında Tövratda məlumat verilmiş peyğəmbərin Mühəmməd (s) olduğunu açıqladı. Hər halda Quranın missiyalarından biri peyğəmbərlərin çatdırdıqları həqiqətlərlə xurafatların qarışması nəticəsində meydana çıxmış ixtialflarla mübarizədir. Ümumiyyətlə, təhriflərdən, haqla batilin qarışmasından meydana çıxmış ixtilaflara son qoymaq hər bir peyğəmbərin vəzifəsidir. Dərs oxumamış və cəhalət mühitindən çıxmış bir fərdin belə bir addım atması qeyri-mümkün olduğu üçün onun Allah tərəfindən göndərildiyi aydın olur[24]. O, möminlər üçün hidayət və rəhmətdir. Sənin Rəbbin Qiyamətdə onların arasında Öz hökmü ilə hakimlik edəcək. O, qüdrətlidir, biləndir! Elə isə Sən Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan. Sözsüz ki, sən sözünü ölülərə eşitdirə və dönüb gedən karları geri çağıra bilməzsən. Habelə, korları düşdükləri azğınlıqdan doğru yola çıxara bilməzsən. Sən sözünü yalnız ayələrimizə iman gətirməyi qəbul etməyə hazır olan və haqq qarşısında təslim olanlara eşitdirə bilərsən. Onlara verilən əzab fərmanı gəlib çatdığı zaman onlar üçün yerdən elə bir canlı (şəxs) çıxardarıq ki, onlarla danışıb ayələrimizə inanmadıqlarını söyləyər. (Yada sal) bir vaxt hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayacağıq. Sonra da onları bir yerə toplaşana qədər saxlayacağıq. Nəhayət, (haqq-hesab yerinə) gəldikləri zaman (onlara) deyər: “Ayələrimizi araşdırma aparmadanmı yalan hesab etdiniz? Siz nə iş görürdünüz?” Bu vaxt zülm etdiklərinə görə əzab fərmanı onları haqlayacaq və onlar danışa bilməyəcəklər. Məgər gecəni onların istirahət etməsi və gündüzü işıq saçması üçün yaratdığımızı görmədilərmi? Bu hadisələrdə iman gətirənlər üçün açıq-aşkar əlamətlər vardır. (Yada sal) bir gün sur üfürüləcək, Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir. Sən dağlara baxıb onların hərəkətsiz durduğunu güman edirsən, halbuki onlar bulud kimi hərəkət edirlər. Bu, hər şeyi nizam-intizamlı şəkildə yaradan Allahın işidir. O, sizin etdiklərinizdən heç şübhəsiz, xəbərdardır. —————————————————————————————— “Dabbətul-ərz (yerin canlısı): “Dabbətul-ərz” ərəb dilində canlıya deyilir. Bəzilərinin düşündüklərinin əksinə olaraq, bu söz təkcə insan olmayan canlılar üçün işlədilmir, daha geniş məzmun ifadə edərək, insanlara da şamil olur. Lakin Quranda bu sözün məna çalarları haqqında heç bir söz deyilməmişdir. Ayədə söz ümumi mənada işlənsə də, bu sözün prototipinin insanlarla danışa biləcəyi və imansız insanları ümumi şəkildə müəyyən edəcəyi qeyd edilmişdir. Hədislərdə və təfsirçilərin yazılarında bu mövzu haqqında çox məlumat verilmişdir. Bir qrup təfsirçi hədislərə əsaslanaraq, onun əsas fəaliyyətinin müsəlmanları münafiqlərdən ayırmaq və onlara əlamət qoymaq olan qeyri-adi və çox aktiv bir insan olduğunu qeyd etmişlər. Hədislərinin birində Peyğəmbər (s) həmin şəxsi belə səciyyələndirmişdir: “O, heç kəsin malik olmadığı bir gücə malikdir, kimsə onun əlindən qaça bilməyəcək. Möminin alnına əlamət qoyub “mömin”, kafirin alnına əlamət qoyub “kafir” yazacaq. Musanın əsası və Süleymanın üzüyü ondadır.” Hədislərin çoxunda bu canlının möminlərin əmiri İmam Əli (ə) olduğu qeyd edilmişdir. İmam Sadiqin (ə) bir hədisində belə deyilir: “Əli (ə) məsciddə yatmışdı. Peyğəmbər (s) oraya gəlib buyurdu: “Qalx, ey Allahın canlısı”. Səhabələrdən biri soruşdu: “Ey Allahın elçisi, biz də bir-birimizi bu adla çağıra bilərikmi?” Peyğəmbər (s) buyurdu: “Xeyr, bu ad ona məxsusdur. Allahın Quranda “onlara verilən əzab fərmanı gəlib çatdığı zaman onlar üçün yerdən elə bir canlı (şəxs) çıxardarıq”, – deyə buyuraraq, haqqında xəbər verdiyi “dabbətül-ərz” odur.” Sonra buyurur: “Ey Əli! Axırzamanda Allah səni ən gözəl surətdə dirildəcək və sənin əlində düşmənlərə əlamət qoymaq üçün bir vasitə olacaq.” Bu hədisə əsasən nəzər nöqtəsi olan ayə sonrakı ayədə haqqında məlumat verilən “qayıdışla” (rəcət) bağlıdır[25]. Rəcət (qayıdış): Bu ayədə Qiyamətin əlamətlərindən başqa birisinə işarə edilmişdir. Bu ayədən belə məlum olur ki, elə bir gün gələcək ki, Allah hər bir ümmətdən bir qrupu toplayacaq və onları cəzalandırmaq üçün hazır edəcək. Alimlərin bir çoxu bu ayədə Qiyamət ərəfəsində bir qrup yaxşı və bir qrup pis insanın bu dünyaya qaytarılacağına işarə edildiyini qeyd etmişdir. Əgər burada Qiyamətin özü nəzərdə tutulsaydı, “hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayacağıq” ifadəsi düzgün olmazdı, çünki Qiyamət günü təkcə bir qrup deyil, hər kəs toplanacaq. Qayıdış şiə məzhəbinin məşhur inanclarındandır. Həmin inancın ümumi məzmunu belədir: İmam Mehdinin (ə) zühurundan sonra Qiyamət ərəfəsində xalis möminlərdən bir qrupu və həddini aşmış pis kafirlərdən də bir qrupu bu dünyaya qayıdacaq. Birinci qrup kamillik mərhələlərini adlayacaq, ikinci qrup isə şiddətli əzaba məhkum olacaq. Məlumdur ki, Qiyamət günü bütün insanların diriləcəyi qeyri-mümkün olmadığı kimi, bu dünyada bəzi ölülərin dirilməsi də mümkünsüz deyil. Quranda keçmiş ümmətlərdən beş qrupunun öldükdən sonra dirildiyi qeyd edilmişdir (Bəqərə-56; 73; 247; 259 və Maidə-110). Bu inancla bağlı verilən ən mühüm suallardan biri budur ki, Qiyamətdən öncə bütün insanların qayıtması hansı məqsədi daşıyır? Hədislərdən belə məlum olur ki, qayıdış bütün insanlara deyil, yalnız iman mərhələsinin ən yüksək həddində olan layiqli insanlara, həmçinin zülm və küfrün ən son həddində olan insanlara aiddir. Mənəvi kamillik yolunda irəliləyən, ancaq maneələrlə qarşılaşmış və təkamülü natamam qalmış insanlar dünyaya qayıtdıqdan sonra kamillik irəliləyişlərini davam etdirəcək, cahanşümul haqq-ədalət dövlətinin şahidi olacaq, həmin hökumətin təşkili və onun bərəkətindən faydalanmaqda ortaq olacaqlar. Qatı kafir və münafiqlər isə axirət əzabı ilə yanaşı Firon, Ad və Səmud qövmü kimi qövmlərin düçar olduğu əzaba düçar olmaq üçün bu dünyada da cəzalandırılacaqlar. Bunun üçün yeganə yol qayıdışdır[26]. Yaxşı bir iş görənlərə ondan daha yaxşı mükafat veriləcək. Onlar o günün qorxusundan uzaq olacaqlar. Pis bir iş görənlər isə üzüstə oda atılacaqlar. “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınız?” (De:) “Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O kəsə ki, bu şəhəri hörmətli etmişdir. Hər şey yalnız Ona məxsusdur. Mənə əmr olunub ki, müsəlman olum və Quran oxuyum!” Kim doğru yola yönəlsə, öz xeyrinə doğru yola yönəlmişdir. Haqq yoldan azana isə (belə) de: “Mən ancaq qorxudanlardanam!” De: “Həmd və sitayiş Allaha məxsusdur! Sizin Onu tanımağınız üçün O, dəlillərini sizə göstərəcək. Rəbbin etdiyiniz əməllərdən xəbərsiz deyildir!”   [1] Nümunə, c.15, səh.391 [2] Nümunə, c.15, səh.400 [3] Nümunə, c.15, səh.406 [4] Nümunə, c.15, səh.413 [5] Nümunə, c.15, səh.422 [6] Nümunə, c.15, səh.432 [7] Nümunə, c.15, səh.456 [8] Ətyəbül-bəyan, c.15, səh.133 [9] Nümunə, c.15, səh.455 [10] Nümunə, c.15, səh.468 [11] Əl-Mizan, c.15, səh.364 [12] Nümunə, c.15, səh.470 [13] Əl-Mizan, c.15, səh.364 [14] Nümunəyə istinadən, c.15, səh.479; əl-Mizan, c.15, səh.366 [15] Nəhcül-bəlağə, Qısa kəlamlar, 417-ci kəlam [16] Ətyəbül-bəyan, c.10, səh.152 [17] Nümunə, c.15, səh.498 [18] Ətyəbül-bəyan, c.10, səh.163 [19] Ətyəbül-bəyan, c.10, səh.164 [20] Əl-Mizan, c.15, səh.393 [21] Nümunə, c.15, səh.517-520 [22] Əl-Mizan, c.15, səh.388 [23] Nümunə, c.15, səh.533 [24] Nümunə, c.15, səh.537 [25] Nümunə, c.15, səhh.551 [26] Nümunə, c.15, səh.548, 555, 559

1 2 3 4 5 6 7