Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 10.02.2025

“Şuəra” surəsi

“Şuəra” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ta, Sin, Mim. Bunlar açıq-aydın kitabın ayələridir. Onlar iman gətirmədiyinə görə, görünür, qəm-qüssədən özünü həlak etmək istəyirsən. Əgər Biz istəsək, göydən onlara elə bir əlamət göndərərik ki, onun önündə başları itaətkarlıqla əyilər. Rəhman Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər. Onlar yalan saydılar. Məsxərəyə qoyduqlarının (cəza) xəbəri onlara yetişəcəkdir. Onlar yer üzündə cürbəcür qiymətli bitkilər bitirdiyimizi görmürlərmi? Bunda (Allahın varlığını göstərən) açıq-aydın bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı. Sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmətlidir. Bir zaman Rəbbin Musaya dedi: “Get o zalım qövmün yanına get – Firon qövmünə! Onlar (Allahın əmrinə qarşı çıxmaqdan) qorxmurlar?” (Musa) dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr, (belə olduqda) hövsələdən çıxam, dilim də söz tutmaya. Buna görə Harunu da (mənimlə) göndər. Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”. Buyurdu: “Xeyr, belə deyil! (Onlar heç nə edə bilməzlər.) İkiniz də ayələrimizlə (onları doğru yola yönəltmək üçün) gedin! Biz sizinləyik və eşidirik. Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik! İsrail oğullarını bizimlə göndər!” (Firon) dedi: “Biz səni körpə ikən öz aramızda boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı? Sonda (etməli olmayacağın) o işi gördün (bizlərdən birini öldürdün), sən bir nankorsan!” —————————————————————————————– “Şuəra” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu bir neçə bölmə üzrə ümumiləşdirmək olar: 1. Surə müqəttəə hərfləri ilə başlayır. Sonra Quranın əzəmətindən danışılır, ardınca müşriklərin təzyiqləri və dərrakəsizliyi qarşısında Peyğəmbərə (s) təsəlli verilir, tövhid və Allahın sifətlərinə ötəri şəkildə işarə edilir. 2. Yeddi böyük peyğəmbərin (Musa, İbrahim, Nuh, Hud, Saleh, Lut və Şeybin) həyatının bəzi fraqmentləri qeyd edilir, onların Peyğəmbər (s) dövrünün müşrikləri ilə bənzərliyi olan inadkarlar və dərrakəsizlərlə mübarizəsindən sitatlar gətirilir, onlara göndərilmiş şiddətli, ağır və qorxulu əzab və bəlalar xatırlanır, bununla da İslam peyğəmbərinə qarşı çıxanlar təhdid edilir. 3. Üçüncü hissə əvvəlki bölmələrin nəticəsi xarakterini daşıyır. Burada İslam peyğəmbəri, Quranın əzəməti, müşriklərin təkzibləri, dəvət metodu və möminlərlə necə davranılması mövzusunda Peyğəmbərə verilən göstərişlərdən söhbət açılır. Surə möminlərə müjdə verilməsi, kafirlərin isə təhdid edilməsi ilə sona çatır[1]. Məcburi imanın heç bir dəyəri yoxdur: Bu ayədə bildirlir ki, Allah-taala elə bir möcüzə və kafirlərə elə bir qorxulu əzab göndərə bilər ki, hamı bir nəfər kimi Onun qarşısında təzim edər, itaət göstərər. Ancaq bu imanın Allah üçün heç bir dəyəri yoxdur. Dəyər insanların haqq qarşısında öz iradəsi, istəyi, qərarı, düşüncə və dərki ilə təvazökarlıq göstərməsindədir. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Əgər Allah istəsəydi, göydən bir əlamət göndərərdi və başlar onun qarşısında itaətkarlıqla təzim edərdi. Əgər belə etsəydi, insanlar üçün sınaq anlayışı tamamilə aradan qalxardı”. İmam Sadiq (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “Həddi aşanlar deyilərkən Əməvi sülaləsi nəzərdə tutulur. Mehdi (ə) qiyam etdiyi vaxt onlar göydə bir əlamət görüb təslim olacaqlar.” Məlumdur ki, bu hədis ayənin daha geniş məzmununun bir hissəsinə işarə edir. Belə ki, həzrət Mehdi (ə) zühur etdikdən və bütün dünyanın hakimi olduqdan sonra Əməvi yolunu davam etdirən bütün zülmkar hökumətlər o həzrətin qüdrəti qarşısında təslim olacaq[2]. Musanın (ə) dilində qüsur var idimi? Quranın bir neçə yerində həzrət Musanın (ə) peyğəmbərliyə seçilməsindən, Allahın əmrinin Firon tərəfdarlarına çatdırılmasından danışılarkən həzrət Musanın (ə) dilində qüsur olması, buna görə də Allahdan dilindəki qüsuru açmasını istəməsi vurğulanır. Görəsən qüsur deyilərkən nə nəzərdə tutulur? Doğurdanmı Musanın (ə) dilində qüsur var idi və danışarkən bəzən dili dolaşırdı? Yoxsa Musa (ə) həqiqəti söyləmək üçün rəvan bəyan tərzi, həqiqəti insanlara başa salmaq üçün aydın, səlis, güclü və kəsərli nitq istəyirdi? Böyük ehtimalla ikinci fikir düzgündür. Çünki Harunun vəzir olmasını istəyərkən onun daha fəsahətli olduğunu əsas gətirir: “Məndən daha fəsahətli olan qardaşım Harunu yardımçı və köməkçi olmaq üçün mənimlə birlikdə göndər”[3]. Deməli, Musa (ə) fəsih olsa da, Harun ondan daha fəsahətli idi. Buna görə də Musa (ə) Allahdan daha fəsahətli olmasını, Harunu isə onun vəzir və köməkçisi etməsini istəmişdir. (Musa) dedi: “Mən onu edəndə xəbərsiz olmuşam. Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə elm və hikmət bəxş etdi və məni peyğəmbərlərdən etdi. İsrail oğullarını özünə kölə etməyini mənə minnətmi qoyursan? Firon dedi: “Aləmlərin Rəbbi nədir?” (Musa) dedi: “Əgər ağlınız və şüurunuz varsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” Firon ətrafındakılara dedi: “(Onun nə danışdığını) eşitmirsiniz?” (Musa) dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!” (Firon) dedi: “Sizə göndərilmiş elçi, sözsüz ki, dəlidir!” (Musa) dedi: “Əgər ağlınızı işə salsanız, (bilərsniz ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Firon qəzəblənib) dedi: “Əgər məndən başqasını tanrı qəbul etsən, səni həbsə ataram!” (Musa) dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm də (iman gətirməzsən)?” (Firon) dedi: “Əgər doğru danışırsansa, göstər onu!” Bu vaxt Musa əsasını (yerə) atdı, o da dərhal dönüb açıq-aşkar böyük bir ilana çevrildi. Əlini (qoynundan) çıxardan kimi baxanların gözləri önündə bəmbəyaz və parlaq oldu. (Firon) ətrafındakı zadəganlara dedi: “Bu, bilikli və məharətli bir sehrbazdır! O, öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?” Dedilər: “Ona və qardaşına möhlət ver və səfərbərlik üçün şəhərlərə məmurlar göndər, bütün bilikli və mahir sehrbazları yanına gətirsinlər”. Nəhayət, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar. Camaata deyildi: “Siz də yığışmırsınızmı?” —————————————————————————————- Musa (ə) nədən xəbərsiz olub? Həzrət Musa (ə) məsum olduğu üçün təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu fikirlər arasında ən düzü isə budur: Musa (ə) “xəbərsiz idim” deyərkən demək istəyir ki, mən o adamı öldürərkən xeyrimə olan nəticədən xəbərsiz olmuşam. Belə ki, məndən yardım istəyən adama kömək edərkən, edəcəyim köməyin başqa bir nəfərin ölümü ilə nəticələnəcəyindən, buna görə də mənim Misiri tərk edib Mədyənə gedəcəyimdən, uzun illər vətəndən ayrı düşəcəyimdən xəbərsiz olmuşam[4]. Əslində, Musa (ə) burada peşman olduğunu söyləmir. Çünki həmin vaxt zülmə məruz qalmış bir məzluma yardım göstərmişdir. Həzrət Musa (ə) burada demək istəyir ki, o, iki nəfərin mübahisəsinə müdaxilə edərkən məqsədi Fironun adamını öldürmək olmamış, məzlumu müdafiə edərkən qarşı tərəfin ölümünə səbəb olacağından, nəticədə, başına iş açacağından xəbərsiz olmuşdur. Daha ətraflı məlumat almaq istəyənlər “Qəsəs” surəsinin 15-16-cı ayələrinin şərhinə baxa bilərlər. İsrail oğullarının bəndəlik neməti: 18-19-cu ayələrdə qeyd edilir ki, Firon Musanı (ə) uşaq vaxtı etdiyi yaxşılıqların əvəzində nankorluq etməkdə ittiham edir. Əslində, Firon Musanı (ə) və İsrail oğullarını özünün köləsi hesab edir, Musaya (ə) etdiyi yaxşlığı köləsinə qarşı lütfkarlıq kimi qiymətləndirirdi. Həzrət Musa (ə) ona belə cavab verir: Sən İsrail oğullarını kölə etməyini boynuma minnət qoyursan? Sənin mənə qarşı lütfkarlıq hesab etdiyin və nankorluqda ittiham etdiyin nemət deyil, mənim və İsrail oğulları üzərindəki zorakı hökmranlığındır. Ümumiyyətlə, insanları zorla kölə etmək necə nemət ola bilər?[5] Musanın (ə) əsası ilə bağlı işlədilən müxtəlif ifadələr: Bu ayədə Musanın əsasının “suban”a (əjdahaya – böyük ilana), “Nəml” surəsinin 10-cu və 31-ci ayələrində “cann”a (cəld və sürətlə hərəkət edən kicik ilana), “Taha” surəsinin 20-ci ayəsində isə “həyyə”yə (ilana) çevrildiyi qeyd edilmişdir. Bu müxtəliflik sual doğurmaya bilməz. Əslində, burada elə də anlaşılmaz bir şey yoxdur. Bu fərqlilik iki aspektdən izah edilə bilər: 1. Ola bilsin ki, bu ifadələrlə həmin ilanın müxtəlif vəziyyətlərinə işarə edilmişdir. Yəni əsa əvvəlcə kiçik və nazik birilana çevrilmiş, yavaş-yavaş böyümüş, nəhayət, əjdaha şəkli almışdır. 2. Bu ifadələrin hər biri ilanın ayrı-ayrı xüsusiyyətlərini ifadə edir. Belə ki, “suban” onun böyüklüyünü, “cann” sürətini və çevikliyini, “həyyə” isə onun canlı olduğunu ifadə edir[6]. Əgər sehrbazlar qalib gəlsələr, onlara tabe olaq”. Sehrbazlar gəldkdən sonra Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?” Dedi: “Bəli! Belə olacağı təqdirdə sizi yaxın adamlardan edəcəyəm”. Musa sehrbazlara dedi: “Nə atacaqsınızsa, atın!” Onlar iplərini və əsalarını yerə atıb dedilər: “Fironun qüdrətinə and olsun ki, biz, mütləq, qalib gələcəyik!” Sonra Musa əsasını atdı və (əsa) qəfildən onların bütün yalançı ləvazimatlarını uddu. Sehrbazlar dərhal səcdəyə qapandılar (və) dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik – Musanın və Harunun Rəbbinə!” (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o, sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı dara çəkdirəcəyəm”. Dedilər: “Zərər yoxdur, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq. Biz ilk iman gətirənlər olduğumuza görə Rəbbimizin günahlarımızı bağışlayacağına ümidvarıq”. Biz Musaya: “Gecə vaxtı bəndələrimi (Misirdən) apar. Çünki siz təqib olunacaqsınız” – deyə vəhy etdik. Firon şəhərlərə səfərbərlik məmurları göndərdi. Onlar, həqiqətən, kiçik bir dəstədir. Onlar bizi qəzəbləndirmişlər. Biz hamımız döyüşə hazırıq”. Biz onları bağlardan və çeşmələrdən çıxartdıq; xəzinələrdən və gözəl qəsrlərdən də. Beləcə, Biz İsrail oğullarını onların varisi etdik. Onlar İsrail oğullarını təqib etdilər, günəş üfüqdən qalxan vaxtı onlara çatdılar. —————————————————————————————— Yaxınlıq ən böyük mükafatdır: Firon sehrbazlardan: “Nə istəyirsiniz, mal, yoxsa vəzifə?” – deyə soruşur. Bu da onu göstərir ki, Fironun yaxın adamlarından olmaq o dövrün ən böyük mükafatlarından biri hesab edilmişdir. Əslində, insanın arzu etdiyi gücə yaxınlaşmasından böyük mükafat ola bilməz. Haqq yoldan sapmışlar Firona yaxın olmağı ən yüksək mükafatlardan hesab etdikləri kimi, allahpərəstlər də Allaha yaxınlıqdan böyük mükafat olmadığını düşünürlər, hətta Cənnəti bütün nemətləri ilə birlikdə Onun pak zatının bir cilvəsinə dəyişirlər. Buna görə də ən böyük mükafata layiq görülməli olan şəhidlər etdikləri böyük fədakarlıq müqabilində ən böyük mükafat olan Allaha yaxınlıq mükafatına layiq görülürlər. “Rəblərinin yanında” ifadəsi bu həqiqəti açıq şəkildə ifadə edir. Təmizürəkli möminlər də ibadətlə məşğul olarkən fikirlərində tutduqları yeganə şey Allah-taalaya yaxın olmaqdır[7]. İxtiyari iman işığında sevərək hərəkət etmək: Sehrbazların ruhunda baş verən dəyişiklik bir anın içində onların qatı zülmətdən göz qamaşdıran işığa çıxmasına, Firondan gözlədikləri bütün mənfəətlərdən imtina etməsinə, hətta canlarının belə təhlükə qarşısında qalmasına hazır olmalarına səbəb oldu. Bütün bu cəsarətli addımlar ona görə idi ki, onlar bilikli və savadlı adamlar idilər və bilikləri sayəsində haqqı batildən ayıra bildilər, nəticədə, haqqın tərəfinə keçdilər. Onlar yolun qalan hissəsini ağılla getmədilər, eşq yolunu qət edən miniyə mindilər. Gülün qoxusu onları elə məst etmişdi ki, özlərini unutmuşdular. Buna görə də Fironun ən şiddətli təhdidləri qarşısında əzmkarlıq nümayiş etdirdilər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Hər bir qəlb mərhəmətli Allahın əlindədir. Əgər istəsə, onu doğru yola yönəldər, əgər istəsə, onu haqq yoldan sapdırar.” Təbii ki, Allahın istəyi bəndənin hazırlığından qaynaqlanır. Uğurun bəxş edilməsi və əldən alınması səbəbsiz olmur[8]. İsrail oğulları Misirin hakimi oldular? Bir qrup təfsirçi bu ayəyə əsasən hesab edir ki, İsrail oğulları Misirə qayıdıb hakimyyət başına keçdilər və bir müddət burada hökmranlıq etdilər. Bəziləri hesab edirlər ki, Firon və tərəfdarları həlak olduqdan sonra onlar müqəddəs torpaqlara üz tutdular, ancaq bir müddətdən sonra Misirə qayıdıb burada hakimiyyəti ələ aldılar. Musanın (ə) Allahın böyük peyğəmbəri olduğunu nəzərə alsaq, ehtimal edə bilərik ki, hökuməti tamamilə süquta uğramış və İsrail oğullarının əlinə keçmiş bir ölkəni, özü də uzun illər yüz minlərlə İsrail oğlunun yaşayıb mühiti ilə yaxından tanış olduğu bir məmləkəti tamamilə tərk edib ora ilə bağlı heç bir qərar qəbul etməmək, əvəzində səhraya üz tutmaq Musa (ə) kimi bir peyğəmbər üçün təsəvvüredilməzdir. Deməli, vəziyyət iki haldan xaric deyil: ya İsrail oğulları hamılıqla Misirə qayıdıb dövlət yaratdılar, ya da onların bir qrupu Musanın (ə) əmri ilə orada qalıb bu proqramı həyata keçirdi. Əks halda, ayələrdə Firon tərəfdarlarının çıxarılması və İsrail oğullarının varis edilməsi anlaşılmaz qalır[9]. İki dəstə bir-birini gördükdə Musanın səhabələri: “Biz yaxalandıq!” – dedilər. (Musa) dedi: “Xeyr, şübhəsz ki, Rəbbim mənimlədir. Tezliklə mənə doğru yolu göstərəcəkdir!” Biz Musaya: “Əsanı dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, hər bir hssəsi nəhəng bir dağ kimi oldu. O birilərini (Fronun qoşununu) də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Bu hadisədə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi. (Çünki haqqı axtarmırdılar). Sənin Rəbbin məğlubedilməzdir, rəhimlidir. Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o, öz atasına və tayfasına dedi: “Nəyə ibadət edirsiniz?” Onlar dedilər: “Biz bütlərə ibadət edir və hər gün onlara tapınmaqda davam edirik”. O dedi: “Onları çağırdığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?” Onlar dedilər: “Biz yalnız ata-babalarımızın belə etdiyini görmüşük”. O dedi: “Siz davamlı olaraq nəyə ibadət etdiyinizi gördünüzmü – həm siz, həm də ulu babalarınız? Onların hamısı mənim düşmənimdir, təkcə aləmlərin Rəbbi istisnadır. O Rəbb ki, məni yaratmış və davamlı olaraq doğru yola yönəldir. O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, haqq-hesab (Qiyamət) günü xətalarımı bağışlayacağına ümidvaram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! ————————————————————————————— Dəniz kimi bir çay: Quranda Allahın əmri ilə Musanın (ə) İsrail oğullarını dənizdən keçirdiyi dəfələrlə qeyd edilmişdir. (Bax: Yunus – 90, Taha – 77, Şuəra – 63, Duxan – 24). Bəzi ayələrdə isə çaydan keçirdiyi buyurulmuşdur. (Bax: Taha – 78, Qəsəs – 40, Zariyat – 40). Görəsən dəniz və çay deyilərkən nə nəzərdə tutulur? Görəsən çay deyiləkən Misirin su mənbəyi hesab edilən böyük Nil çayı, yoxsa Qırmızı dəniz nəzərdə tutulur? Bəzi təfsirçilər burada Qırmızı dənizin nəzərdə tutulduğunu iddia edirlər. Əlimizdə olan Tövratda da Qırmızı dəniz qeyd edilmişdir. Lakin faktlar Nil çayı olduğunu deməyə əsas verir. Çünki ərəb dilində “bəhr” geniş ərazini əhatə edən bol suya deyilr. “Yəmm” də bu mənanı ifadə edir. Buna görə də hər iki sözün Nil çayını ifadə etməsinin heç br maneçiliyi yoxdur[10]. Xəstənin şəfası Onun əlindədir: Bu ayəni oxuduqdan sonra ortaya belə br sual çıxa bilər ki, əgər möminin şəfası Allahın əlindədirsə, həkimə müraciət etməyə, dərmandan istifadə etməyə nə lüzum var? Bu dünyanın səbəblər və vasitələr aləmi olduğunu, hadisələrin maddi və ya mənəvi vasitələrlə idarə edildiyini nəzərə alsaq, sualın cavabı aydın olur. İmam Sadiq (ə) buyurmuşdur: “Allah işləri vasitə və səbəblər olmadan icra etmək istəmir”. Əslində, xəstələrin şəfa tapmasında rolu olan dərman və həkim kimi vasitələr ilahi şəfanın şərtləridir. Çünki Allah şəfa təsirini onlara bəxş etmişdir. Buna görə də biz xəstəliyin müalicəsinə çox böyük önəm verməliyik. Ancaq bir məsələni də xüsusilə diqqət mərkəzində saxlamalıyıq ki, məhdud səbəb və vasitələrin şəfa göstərəcək gücü və yerləri Allahın istəyindən asılıdır. Allahın istəyi ilə bu vasitələrin heç bir təsiri olmaya bilər. Bu zaman Allahın istəyinə boyun əymək lazımdır[11]. Peyğəmbərlərin tövbəsi və bağışlanma diləməsi: Bu məsələyə “Bəqərə” surəsinin 128-ci ayəsinin şərhində toxunmuşuq. Hər şeydən əvvəl hökm istəmək: Hökm hikmətlə eyniköklü söz olmuşdur. Hikmət haqqa elm və bilik yolu ilə çatmaq, saleh əməlləri və mövcudatı tanımaqdır. Başqa sözlə desək, hikmət harada və hansı libasda olmasından asılı olmayaraq, haqqı tanıdacaq meyar və dəyərlərin tanınmasına deyilir. Əlbəttə, hökm hikmətdən daha üstün məna yükünə malikdir. Hökmdə məlumatla bərabər onun icrasına hazır olmaq da var. Nəfsani istəklərə tabe olmadan çıxarılan xətasız və doğru qərarları da bu tərifə əlavə edə bilərik. Hər halda İbrahm (ə) hər şeydən əvvəl Allahdan hakimiyyətlə müşayiət olunan dərin və düzgün bilik istəmişdir. Çünki heç bir əməl proqramı belə bir bazisi olmadan mümkün deyil. Bundan sonra İbrahim (ə) layiqli bəndələrə qovuşmağı Allahdan istəmişdir ki, bununla da əməli hikmətin yönlərinə işarə etmşdir. Duanın birinci hissəsi nəzəri hikmətə aid olduğu halda, ikinci hissəsi əməli hikməti ifadə edir[12]. Gələcək ümmətlər arasında mənə doğru danışan dil qismət elə! Məni nemətlərlə dolu Cənnətin varislərindən et! Atamı (əmimi) bağışla! Çünki o, azanlardandır. Onların dirildiləcəyi gün məni utandırma, rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” Cənnət müttəqilərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlar üçün aşkar olar. Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz – Allahdan başqa (tanrılarınız)? Onlar sizə kömək edə bilərlərmi, yaxud kimsə onların dadına çata bilərmi?” O zaman onlar azğın ibadət edənlərlə birlikdə Cəhənnəmə atılarlar, İblisin bütün qoşunları da habelə. Onlar orada höcətləşərək deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. Bizim nə şəfaətçilərimiz, nə də canıyanan bir dostumuz var! Kaş yenidən qayıda biləydik, möminlərdən olaydıq!” Bu hadisədə bir əlamət (ibrət) vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidr, rəhimlidir. Nuh tayfası elçiləri (peyğəmbərləri) yalançı saydı. Qardaşları Nuh onlara o vaxt deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar ediləsi bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzinə sizdən heç bir haqq istəmirəm. Mənim haqqım ancaq aləmlərin Rəbbinə aiddir. Allahdan qorxun və mənə itaət edin!” Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənə inanaq?” —————————————————————————————- İbrahimin (ə) düz danışan dili: İbrahim (ə) bu duası ilə Allahdan sonrakı əsrlərdə nəslindən düz danışan bir övladının olmasını istəyir. Yəni İbrahim (ə) qəlbində olanları söylədiyi kimi, övladının da İbrahimin (ə) qəlbində olanları insanlara çatdırmasını diləyir. Gələcəkdə nəslindən Allah dinini təbliğ etmək, insanları tövhid və təkallahlıq dininə çağırmaq üçün bir övladı olmasını dua edir. Bəzi təfsirçilər hesab edir ki, İbrahim (ə) bu duasında İslam peyğəmbərini (s) nəzərdə tutmuşdur. Belə ki, Peyğəmbər (s) özü də hədislərinin birində buna işarə edərək buyurmuşdur: “Atam İbrahim duasında məni nəzərdə tutmuşdur”. Quranın bir neçə yerində Peyğəmbərin (s) dininin elə İbrahimin (ə) dini olduğunun qeyd edilməsi bu faktı təsdiq edir. Kəbə binasını tikdikdən sonra həzrət İbrahim (ə) və İsmailin (ə) etdiyi duanın məzmunu da bunu deməyə əsas verir: “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, kitabı və hikməti onlara öyrətsin və onları təmizləsin!” (Bəqərə-129). Bəzi hədislərdə “düz danışan dil” deyilərkən möminlərin əmiri İmam Əlinin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir[13]. Əgər biz İmam Əlinin (ə) dinin möhkəmlənməsi və tövhid şüarının davam etməsində ifa etdiyi rol haqqında düşünsək, Peyğəmbərlə (s) yanaşı onun da düz danışan dil olduğunu qəbul edərik. Sağlam qəlb: “Sağlam qəlb” deyilərkən bütün xəstəliklərdən, əxlaqi qüsurlardan uzaq qəlb nəzərdə tutulur. Hədislərdə “sağlam qəlb” haqqında çox məlumat verilmişdr. “Sağlam qəlb”in nə olduğunu bilmək üçün bir neçə nüansa diqqət yetirmək lazımdır: 1. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Şirk və tərəddüd olan hər bir qəlb tənəzzülə məruz qalır”. 2. Maddiyyata və dünyaya bağlılıq insanı həqiqət yolundan sapmağa və günaha sürükləyr. Çünki “dünyanı sevmək bütün günahların qaynağıdır”. Deməli, “sağlam qəlb” dünya məhəbbətinin olmadığı qəlbdir. Başqa bir hədisində İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: ““Sağlam qəlb” dünya sevgisindən azad olan qəlbdir”. 3. “Sağlam qəlb” yalnız Allahın olduğu qəlbdir. İmam Sadiq (ə) bu ayənin mənası haqqında soruşan şəxsə belə cavab vermişdir: ““Sağlam qəlb” Allahdan başqasının iştrakı olmadan Allahla görüşən qəlbdir.” Bir məsələni də xüsusilə qeyd etməlyik ki, bu məqamlarda qəlb deyilərkən ruh və can nəzərdə tutulur. Hədislərdə qəlb, onun sağlamlığı, bəlaları və bəlalara qarşı mübarizə üsullarından çox danışılmışdır. Bütün bunların məcmusundan belə məlum olur ki, İslam hər şeydən əvvəl fikri, etiqadi və əxlaqi prinsiplərə əhəmiyyət verir. Çünki insanın bütün əməli proqramları onlardan qaynaqlanır. Belə ki, ürəyin sağlam olması cismin sağlam olmasına, xəstə olması isə bütün üzvlərin xəstəlməsinə səbəb olur. Çünki bədənin bütün hüceyrələrinin qidalanması qan vasitəsilə gerçəkləşir. Qan isə bədənin bütün nöqtələrinə ürək vasitəsilə paylanır. İnsanın həyat proqramlarının da sağlam və ya qeyri-sağlam olması etiqad və əxlaqın sağlam və qeyri-sağlam olduğunu göstərir[14]. Cənnət yaxınlaşır: Maraqlıdır ki, ayədə “təqvalılar Cənnətə yaxınlaşdırılar” deyil, “Cənnət təqvalılara yaxınlaşdırılar”, – deyə buyurulmuşdur. Bu da təqvalı insanların çox əzəmətli və böyük olduğunu göstərir[15]. (Nuh) dedi: “Mən onların nə etdiklərini bilmirəm! Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş anlayaydınız! Mən iman gətirənləri qovan deyiləm. Mən yalnız açıq-aşkar bir qorxudanam”. Dedilər: “Ey Nuh! Əgər (sözlərinə) son qoymasan, daşqalaq ediləcəksən”. Dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Mənimlə onların arasına ayrılıq sal, məni və mənimlə birlikdə olan möminləri qurtar!” Biz onu və onunla birlikdə olanları (insan və cürbəcür heyvanlarla) dolu gəmidə xilas etdik. Qalanlarını isə suya qərq etdik. Bunda açıq-aydın bir əlamət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhimlidir. Ad tayfası da elçiləri yalançı saydı. Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim haqq və mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Siz hər bir hündürlükdə əbəs yerə bir əlamətmi qurursunuz? Sanki əbədi qalacaqsınız deyə gözəl və möhkəm qəsrlərmi tikirsiniz? Kimisə cəzalandırdığınız zaman qəddarlar kimi cəzalandırırsınız? Allahdan qorxun və mənə itaət edin! Bildiyiniz nemətlərlə sizə yardım edən Allahdan (Onun əmrinə qarşı çıxmaqdan) qorxun. O, sizə heyvanat və oğul-uşaqla yardım etdi. (Üstəlik) bağlar və çeşmələr də əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”. Onlar (Ad qövmü) dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir. —————————————————————————————– 111-114. Dinin yayılmasında yoxsulların rolu: Bu ayələr haqqında araşdırma apardıqda məlum olur ki, o dövrün imkanlı kafirlərinin təfəkkürünə qruplaşma ruhiyyəsi hakim kəsilmişdir. Buna görə də onlar yoxsul sinfinə aid olanları dəyərsiz və aşağı insanlar hesab etmişlər. Onlar üçün dəyər meyarı var-dövlət, paltar, ev, gözəl və bahalı minik vasitəsi olmuşdur. Bu təfəkkür sahibləri zadəgan sinfində az, yoxsul sinfində daha çox müşayiət edilən təmizlik, təqva, haqpərvərlik və yüksək insani keyfiyyətlərdən xəbərsiz qalmışdılar. Əlbəttə, kafirlərin sözügedən tənələrinə təkcə Nuh (ə) deyil, bütün peyğəmbərlər, o cümlədən İslam peyğəmbəri də məruz qalmışdır. Eyni tənələrə hətta bu dövrün haqq rəhbərləri də məruz qalırlar. Ətraflarında yoxsul və zəiflərin olmasını kafirlər onlara nöqsan tuturlar. Halbuki bununla onlar özləri də bilmədən haqq rəhbərlərini tərifləmiş, təmsil etdkləri məktəbin düz olduğunu təsdiq etmiş olurlar[16]. Tarixi araşdırmalar da göstərir ki, peyğəmbərlərin çağırışlarının qəbulu və onların gətirdkləri dinin yayılmasında yoxsullar öndə getmişlər. Bu gün də dini mərasimlərdə, məscidlərdə, anım mərasimlərində, moizə, xütbə, dini məktəblərdə yoxsulların və orta təbəqənin nümayəndələrinin daha çox təmsil olunduğu müşahidə edilir[17]. Dünyanın dəbdəbəli qəsrləri axirətin ağır yüküdür: Bir gün İslam peyğəmbəri (s) bir yerdən keçirmiş, gözü yol kənarında olan bir saraya sataşır. “Bu nədir?” – deyə soruşur. Səhabələr onun səhabələrdən birinə aid olduğunu deyirlər. Peyğəmbər (s) evin sahibi gələnə qədər gözləyir. Həmin şəxs gəlib salam verir, amma Peyğəmbər (s) üzünü çevrir… Ev sahibi üzünü ətrafında olan adamlara tutub deyir: “And olsun Allaha, Peyğəmbərin (s) məndən narazı olduğunu görürəm. Bilmirəm nə etmişəm”. Səhabələr deyirlər: “Peyğəmbər sənin təmtəraqlı evini görüb narahat oldu”. Ev sahibi gedib evini yerlə bir edir. Bir gün Peyğəmbər (s) həmin yolla gedərkən qəsrin yerində olmadığını görüb soruşur: “Buradakı evə nə oldu?” Hadisəni ona danışırlar. Peyğəmbər (s) buyurur: “Hər bir evin zəruri olan hissəsindən artığı Qiyamət günü öz sahibinə ağır yükdür.” Bu və bənzər hədislərdən İslamın israfa yol verilmiş, insanı qafil edən tikililərlə bağlı baxışı, onlara qarşı olması aydın olur. İslamda xüsusilə, evsiz-eşiksizlərin, ev-eşiyə ehtiyacı olanların yaşadığı yerlərdə məğrur və Allahdan xəbərsiz təkəbbür əhlinin tikdiyi qəsrlər kimi tikililər tikilməsinə icazə verilmir. Diqqət çəkən məqam budur ki, Allahın rəsulu (s) bu humanist məqsədin gerçəkləşməsində zor tətbiq etməmiş, belə bir tikilinin uçurdulmasına göstəriş verməmiş, əvəzində etik bir reaksiya ilə (üzünü turşutmaq və etinasızlıq göstərməklə) öz məqsədinə çatmışdır[18]. Mübahisə və münaqişədə rəhmsizlik: Ayədə Ad qövmünün çirkin xüsusiyyətlərindən birinə, yəni mübahisə və münaqişə zamanı edilən rəhmsizliyə işarə edilmişdir. Həzrət Hud (ə) onlara belə buyurur: Kimsə cəzaya səbəb olacaq bir səhvə yol verə bilər. Ancaq siz haqq və ədalət çərçvəsindən çıxmamalı, ən kiçik cinayətə ən ağır cəza forması ilə qarşılıq verməməli, qəzəbləndiyniz vaxt insanların qanını axıtmamalı, qılınc çəkib onların üstünə düşməməlisiniz. Bu, zalımların və həddi aşanların işidir[19]. Bu, yalnız və yalnız əvvəlkilərin metodudur. Biz əzaba əsla düçar olmayacağıq”. Onlar Hudu yalançı saydılar. Biz də onları məhv etdik. Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir. Səmud tayfası elçiləri yalançı saydı. Qardaşları Saleh o zaman onlara dedikdə ki: “Təqva yolunu tutmursunuz? Mən sizin üçün etibar ediləsi bir peyğəmbərəm. Allahdan qorxun və mənə itaət edin. Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Elə bilirsiniz burada olan nemətlər içində son dərəcə arxayınlıqla həmişəlik qalacaqsınız? Bu bağlar və bulaqlarda, əkinlər, meyvələri dəymiş və şirin olan xurmalıqlar içində? Dağlardan evlər yonacaq və onlarda rifah içində yaşayacaqsınız? Allahdan qorxun və mənə itaət edin! Həddi aşanların əmrinə tabe olmayın. Onlar yer üzündə fəsad törədir və islahat aparmırlar”. Dedilər: “(Saleh!) Sən ovsunlanmışlardansan (ağlını itirmisən). Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bir əlamət göstər”. Dedi: “Bu, dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş gündə su içmək haqqınız vardır. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. Nəhayət, onlar dəvəyə hücum edib onun diz vətərini kəsdilər, sonra da əməllərindən peşman oldular. Əzab onları yaxaladı. Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir. ———————————————————————————— 151-152. İsrafçılıqla yer üzündə fəsad törətməyin əlaqəsi: İsrafçılıq yaradılış və şəriət qanunu ilə müəyyən edilmiş həddin aşılmasına deyilir. Məlumdur ki, istənilən doğru sistemdə istənilən təcavüz və həddi aşma pozuntuya və parçalanmaya səbəb olur. Başqa sözlə desək, fəsadın mənbəyi israf, israfın nəticəsi fəsaddır. Əlbəttə, “israf” sözü bir çox mənalarda işlədilir: bəzən yemək və içmək kimi sadə kontekstlərdə, bəzən intiqam və qisas məsələlərində həddin aşılması, yalanla nəticələnən mühakimələr, şəkk-şübhə ilə nəticələnən inanclar, təkəbbür, üstün tutma, istismar və nəhayət, bütün günahlar kontekstndə işlənir. Buradan da israfçılıqla fəsad arasında hansı əlaqənin olduğu aydınlaşır. Bəzi böyük təfsirçilər hesab edirlər ki, varlıq aləmi vahid bir sistemdir, hətta bəzən hissələri arasında müşahidə edilən ziddiyyətlə harmoniya təşkil edir. Bu sistem doğru hədəflər istiqamətində hərəkətdədir və hər hissəsi üçün müəyyən bir hərəkət trayektoriyası mövcuddur. İndi əgər bu hissələrdən biri öz hərəkət orbitindən çıxsa, yanlış istiqamətə yol alsa, onunla dünyanın digər hissələri arasında problem yaranacaq. Əgər bu həddi aşmış intizamsız hissəni öz həqiqi orbitinə qaytara bilsələr, çox yaxşı olar, əks təqdirdə, onu məhv etməlidirlər ki, sistem onun üçün müəyyən edilmiş şəkildə hərəkətinə davam etsin. İnsan da fitrət əsasında öz orbiti üzrə hərəkət etsə, varlıq sistemi ilə harmoniya təşkil etsə, onun üçün təyin edilmiş xoşbəxt hədəfə çatar. Ancaq həddini aşsa, fəsad yolunda addımlasa, Allah ona qulaqburması verər, ona çətinliklərlə xəbərdarlıq edər. Əgər bunların heç bir təsiri olmasa, fəsad varlığının dərinliklərinə işləsə, Allah əzab göndərərək yer üzünü onun varlıq çirkabından təmzləyər. Bununla da Allahın bu ayələrdə israfı fəsadla eyni sırada qərarlaşdırmasının mənası aydın olur[20]. Allah rəsuluna atılmış böyük iftira: “Sehr” sözündən düzəlmiş “musəhhər” cadu olunmuş adam deməkdir. Kafirlərin inancına görə sehrbazlar bəzən sehr edərək insanların ağlını başlarından alırlar. Onlar bu iftiranı təkcə Salehə (ə) deyil, digər peyğəmbərlərə də yaxırdılar. İslam peyğəmbəri (s) də bu cür iftiradan yan keçə bilməmişdir. “Furqan” surəsinin 8-ci ayəsində belə deyilir: “Zalımlar: “Siz ancaq cin vurmuş bir adamın ardınca gedirsiniz” – dedilər. ” Onlar hesab edirdilər ki, ağıllı adam mühitin rənginə uyğunlaşan, cəmiyyətlə ayaqlaşan, bütün fəsadlara bulaşmış şəxsdir. Əgər ilahi və inqilabçı bir şəxs yanlış inancları və sistemləri aradan qaldırmaq üçün qiyam etsəydi, onu dəli, cinli və sehrlənmiş adlandırardılar[21]. Günahkarın tərəfdarlarının onun günahına ortaq olması: Möminlərin əmiri İmam Əli (ə) buyurmuşdur: “Ay camaat, hər hansı işə razı və ya narazı olmaq mükafat və cəzanın əhatə dairəsinin artmasına səbəb olur. Belə ki, Səmudun dəvəsini bir nəfər kəsdi, ancaq Allahın əzabı onların hamısını yaxaladı. Çünki hamı əmələ razılıq vermişdi.”[22] Deməli, məktəb və fikir bağlılıqları insanların talelərini birləşdirir[23]. Lut qövmü də elçiləri yalançı saydı. Qardaşları Lut o zaman onlara dedikdə ki: “Təqva yolunu tutmursunuz? Mən sizin üçün etibar ediləsi bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Doğrudanmı siz insanlardan yalnız kişi cinsinə yaxınlıq edir və Rəbbinizin sizin üçün yaratdığı cütlərinizi tərk edirsiniz? Həqiqətən, siz həddi aşanlarsınız”. Dedilər: “Ey Lut! Əgər (sözlərindən) əl çəkməsən, mütləq, çıxarılanlardan olacaqsan!” Dedi: “Mən sizin əməllərinizin qatı düşmənyəm. Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!” Biz onu və onun bütün ailəsini xilas etdik. Geridə qalanlar arasındakı yaşlı qadından başqa. Sonra o birilərini məhv etdik. Biz onların üstünə (daşlardan) yağış yağdırdıq. Qorxudulanların yağışı nə pis yağış imiş! Bunda bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir. Əykə əhalisi peyğəmbərləri yalançı hesab etdi. O zaman ki, Şüeyb onlara dedi: “Təqva yolunu tutmursunuz? Həqiqətən, mən sizin üçün etibar ediləsi bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzində sizdən heç bir haqq və mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Ölçüyə tam riayət edin və başqalarını ziyana salmayın. Düz tərəzi ilə çəkin. İnsanların haqqını az qoymayın və yer üzündə fəsad törətməyə çalışmayın. ————————————————————————————– 165-166. Eynicinslilərin çirkin əməllərinin acı nəticələri: Şübhə yoxdur ki, cinsi pozğunluq insan cəmiyyətlərində meydana gələn ən təhlükəli pozğunluqlardandır. Çünki bütün əxlaq normalarını öz zərərli kölgəsi altına alır, insanlarda ülvi hisslərin pozulmasına səbəb olur. Homoseksuallıq İslam dinində o qədər çirkin əməl sayılır ki, İslam hüququnda onun cəzası tərəddüd etmədən edam göstərilmişdr. İmam Rza (ə) bir hədisində homoseksuallığın haram edilməsinin fəlsəfəsini belə izah etmişdir: “Kişinin kişiyə, qadının da qadına haram edilməsinin səbəbi budur ki, bu davranış Allahın yaratdığı qadın və kişi təbiətinə ziddir. Belə ki, əgər kişilər və qadınlar öz həmcisnlərinə meyl göstərsələr, insanların nəsli kəsilər, ictimai həyatı fəsad bürüyər, dünya dağılar.” İslam peyğəmbəri (s) bir hədisində belə buyurmuşdur: “Eynicinslililərə meyl göstərənlər Cənnətin qoxusunu almayacaqlar.” İmam Əlinin (ə) hədislərinin birində homoseksuallıq küfr həddində təqdim edilmişdir. Hətta homoseksuallığın ən aşağı hədlərinə meyl göstərən şəxsləri də şiddətli əzab gözləyir. İslam peyğəmbərinin (s) hədislərinin birində belə deyilir: “Oğlan uşağını ehtirasla öpən şəxsə Qiyamət günü Allah oddan bir yüyən taxar.”[24] 181-182. Çəkidə aldatmaq: Satarkən az çəkmək, tərəzidə aldatmaq, çəki və hesabda kələk gəlinməsinə qarşı mübarizəyə Quranda xüsusi önəm verilmişdir. Hətta məsələyə o qədər önəm verilir ki, varlıq aləmində bu sistem yaradılış sistemi ilə bir sırada qərarlaşdırılır: “Göyü ucaldıb tərəzi və qanun qoydu ki, tərəzidə həddi aşmayasınız. İnsafla çəkin və çəkini əskiltməyin.” (Rəhman surəsi-7-9). Bu ayələrdə çəki və hesabda ədalətə riayət etmənin kiçik deyil, çox əhəmiyyətli bir mövzu olduğuna, hətta bütün dünyaya hakim olan nizam-intizam və ədalət prinsipnin bir hissəsi olduğuna işarə edilmişdir. Ümumiyyətlə, haqq-ədalət, nizam-intizam və hesab-kitab varlıq aləminə hakim kəsildiyi kimi, hər yerdə və hər şeydə əsas və həyati əhəmiyyətə malikdir. Buna görə də sözügedən prinsipdən uzaq düşmək təhlükəlidir. Xüsusilə çəkidə aldatmaq alqı-satqının əsas şərti hesab edilən etibar və inam sərmayəsini məhv, iqtisadi sistemi alt-üst edir. Bir məsələni də xüsusilə qeyd etməliyik ki, çəkidə aldadanlar hüquqi cəhətdən alıcılara borcludurlar. Buna görə də onların tövbəsi, hətta aldatdıqları adamları tanımasalar belə, mənimsədiklərini geri qaytarmayınca tövbələri əsla qəbul olmaz. Sahibi tanınmayan mala gəlincə, həmin məbləğ haqqın qaytarılması adı ilə mal sahibinin adından yoxsula verilməlidir. Çəkidə aldatmağın mənası çox genişdir, vəzifəni yerinə yetirərkən istənilən növ laqeydlik və səhlənkarlığa da şamil olur. Belə ki, bu hökm az iş görən fəhlə, yaxşı dərs deməyən müəllim, vaxtında iş başında olmayan, işinə can yandırmayan işçiyə də şamil olur və onları da eyni aqibət gözləyir[25]. Sizi və əvvəlki nəsilləri yaradandan (əmrinə qarşı gəlməkdən) qorxun!” Dedilər: “Sən yalnız və yalnız ovsunlanmışlardansan. Sən də bizim kimi bir insansan. Səninlə bağlı qənaətimiz yalnız budur ki, sən yalançılardasan. Əgər, doğru danışanlardansansa, göydən başımıza daşlar yağdır”. (Şüeyb) dedi: “Rəbbim sizin gördüyünüz işlərdən daha yaxşı xəbərdardır”. Nəhayət, onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. Bu hadisədə bir əlamət vardır. Lakin onların çoxu iman gətirmədi. Sənin Rəbbin yenilməz qüdrət sahibidir, rəhmlidir. Şübhəsiz ki, bu (Quran), aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onu əmanətdar Ruh endirib – sənin qəlbinə ki, qorxudanlardan (xəbərdar edənlərdən) olasan. (Onu) açıq-aydın ərəb dilində (nazil etdi). Şübhəsiz ki, onun haqqında keçmiş ümmətlərin kitablarında da məlumat verilmişdir. İsrail oğullarından olan alimlərin ondan yaxşı xəbərdar olması bunlar üçün yetərli dəlil deyilmi? Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik və o, bunu onlara (ərəblərə) oxusaydı, ona iman gətirməzdilər. Biz Quranı günahkarların qəlbinə belə (açıq-aydın şəkildə) salarıq. Onlar ağrı-acılı əzabı öz gözləri ilə görməyənədək ona inanmazlar. (Əzab) onlara özləri də hiss etmədən, gözlənilmədən gələcəkdir. Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?” Bizim əzabımız üçünmü tələsirlər? Bizə xəbər ver, əgər onlara illərlə bu həyatdan pay versək, sonra vəd olunduqları əzab onlara yetişsə, ————————————————————————————— Kölgəli günün əzabı: “Zullət” kölgə salan bulud parçasına deyilir. Təfsirçilərin bir çoxu bu ayəni təfsir edərkən yazırlar ki, Şüeybin (ə) qövmünün yaşadığı ərazini yeddi gün yandırıcı isti bürüdü, heç külək əsmədi. Qəfildən göydə bir bulud parçası peyda oldu, külək əsdi. İnsanlar evlərindən çölə tökülüşərək buludun kölgəsinə toplaşdılar. Bu vaxt buluddan qulaq batıran ölümcül bir ildırım qopdu. Onun ardınca oraya toplaşanların başına od yağdı, yer silkələnməyə başladı, hamısı həlak oldu. Bilirik ki, ildırım buludla yer arasındakı güclü elektirik mübadiləsinin nəticəsində baş verir. İldırım qorxulu səsə malikdir, bəzən baş verdiyi ərazidə böyük şimşək və titrəyişlə müşayiət olunur. Quranın müxtəlif surələrində Şüeybin (ə) qövmünə göndərilmiş əzabla bağlı hamısı bir həqiqəti əks etdirən müxtəlif ifadələr işlənmişdir. “Əraf” surəsinin 91-ci ayəsində “rəcfət” (titrəyən yer), “Hud” surəsinin 94-cü ayəsində “səyhət” (gurultulu səs), bu ayələrdə isə “kölgəli günün əzabı” ifadəsi işlədilmişdir[26]. Ruhul-əmin (əmanətdar ruh): Ruhul-əmin deyilərkən vəhy mələyi, yəni Cəbrail (ə) nəzərdə tutulur. Çünki “Bəqərə” surəsinin 97-ci ayəsində də vəhyin onun tərəfindən gətirildiyi buyurulmuşdur: “De: “Cəbrailin düşməni (əslində, Allahla düşməndir. Çünki) o, Allahın əmri ilə Quranı sənin qəlbinə nazil edir.” Başqa bir yerdə ona Ruhul-qudus deyilmişdir (Bəqərə – 87). Allahın Cəbraili (ə) Ruhul-əmin adlandırmasının səbəbi onun Allahın əmrlərini Peyğəmbərə (s) çatdırarkən əmanətdar olduğunu, Allahın sözünü qəsdən, bilmədən, səhvən və ya unudaraq dəyişmədiyini, təhrif etmədən çatdırdığını göstərməkdir[27]. 198-199. Etnik təəssübkeşlik: Şübhə yoxdur ki, insan aid olduğu torpaq, qəbilə və ya xalqa qarşı sevgi bəsləyir. Onun öz torpağına, xalqına və millətinə olan sevgisi eyib deyil, əksinə, onun sosial münasibətlərində qurucu rol oynayan amildir. Ancaq bu sevginin də bir həddi var. Əgər həddi aşsa, dağıdıcı, destruktiv və zərərli olar. Bəyənilməyən milli və etnik təəssübkeşlik ifrat sevgiyə aiddir. Qohum, qəbilə, xalq və vətənin ifrat dərəcədə müdafiəsi tarix boyu bir çox müharibələrə, xurafat və çirkinliklərin xalq və qəbilənin adət-ənənəsi adı altında digər xalqlara ötürülməsinə səbəb olmuşdur. Bu ifrat müdafiə və tərəfdarlıq bəzən elə bir həddə çatır ki, qəbilənin ən çirkin adamı insanın gözündə gözəl, başqa qəbilənin ən gözəl adamı isə insanın gözündə çirkin görünür. Başqa sözlə desək, etnik təəssübkeşlik insanın ağıl, fikir, düşüncə və dərrakəsinin üzərini örtən, doğru mühakimə yürütməyə mane olan cəhalət və eqoizm pərdələrindən biridir. Təəssübkeşlik bəzi xalqların arasında daha güclüdür. Təəssübkeşliyi şöhrət tapmış bu ayələrdə də işarə edilən bir qrup ərəb buna bir misaldır. Cahiliyyət dövrünün ərəblərinin təəssübkeşliyi elə bir həddə olmuşdur ki, hətta Quran başqa bir xalqa gəlmiş olsaydı, ona əsla iman gətirməzdilər. Hədislərdə də təəssübkeşlik pislənilən və məzəmmət edilən xüsusyyətlərdən biri kimi təqdim edilmişdir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Qəlbində xardal dənəsi boyda təəssübkeşlik olan şəxsi Qiyamət günü Allah cahil ərəblərlə bir tutacaq.” İmam Sadiq (ə) bu ayəni izah edərkən buyurmuşdur: “Əgər Quran qeyri-ərəbə nazil olsaydı, ərəblər ona iman gətirməzdilər. Ancaq Quran ərəblərə nazil oldu, qeyri-ərəblər ona iman gətirdi. Bu, qeyri-ərəblər üçün bir üstünlükdür.”[28] Dünya ləzzətindən olan nəsiblərinin onlara heç bir faydası olmayacaq. Biz heç bir kəndi qorxudanları olmadan məhv etmədik. Xəbərdar edib, xatırlamaları üçün (göndərdik). Biz əsla zalım olmamışıq! Bu ayələri şeytanlar və cinlər endirmədi. Onlar buna layiq deyillər və (buna) qüdrətləri də çatmaz. Çünki onlar (səmavi xəbərləri) dinləməkdən kənarlaşdırılmışlar. Allahla yanaşı heç bir tanrını çağırma, yoxsa əzaba düçar edilənlərdən olarsan. Yaxın qohumlarını qorxut! Qanadlarını sənə tabe olan möminlər üçün aç! Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!” Yenilməz qüdrət və rəhmət sahibi olan Allaha təvəkkül et! O, səni (ibadət etmək üçün) duranda da görür, səcdə edənlər arasında etdiyin hərəkəti də. Odur eşidən və bilən Allah! Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Onlar eşitdiklərini (başqalarına) təlqin edərlər və əksəriyyəti yalançıdır! Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar. Onların hər vadidə sərgərdan gəzdiyini görmürsənmi? Və etmədikləri sözləri danışdıqlarını (görmürsənmi)? Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqları zaman özlərini (və möminləri) müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yerin hara olduğunu tezliklə biləcəklər. —————————————————————————————- 210-212. Qurana qarşı başqa bir iftira: Bu ayədə Quran düşmənlərinin bəhanə və ya qəbuledlməz iftiralarından birinə cavab verilir. Onlar deyirdilər: Mühəmmədin (s) cinlərdən biri ilə əlaqəsi var və bu ayələri ona həmin cin öyrədir. Halbuki Quranda bu ayələrin aləmlərin Rəbbi tərəfindən nazil edildiyi dəfələrlə təkrarlanır. Əsasən, haqq, ədalət, təqva, təmizlik, paklıq və istənlən şirkdən uzaq durmağa çağırışdan ibarət olan Quranın məzmunu ayələrin Şeytan fikrləri və cinlərin təlqinləri ilə əsla oxşar olmadığını göstərir. Şeytanlar və cinlərin işi yalnız fitnə-fəsad və şərdən ibarətdir, Quran isə xeyir və islahat kitabıdır. Bundan başqa, cinlərin belə bir qüdrəti yoxdur. Əgər onların belə bir qüdrəti olsaydı, Quranın nazil olduğu mühitdə şeytanlarla əlaqəsi olan kahinlər kimi insanlar onun mislini gətirə bilməli idilər. Halbuki onların hamısı bunda aciz idilər. Acizlikləri onların gücləri fövqündə olan bir varlıq tərəfindən göndərildiyini sübuta yetirir. Digər tərəfdən kahinlər özləri etiraf edirdilər ki, Peyğəmbər (s) dünyaya gəldikdən sonra onlarla əlaqəsi olan şeytanların səmavi xəbərlərlə olan əlaqəsi tamamilə kəsilmişdir. Quranın digər ayələrindən də məlum olur ki, şeytanlar daha çox göylərə qalxır, qulaq asır, mələklər arasında danışılan xəbərləri bəzən öz dostlarına çatdırırdılar. Lakin Peyğəmbərin (s) zühurundan sonra dinləməyə tamamilə son qoyuldu və bu əlaqə kəsildi. Bunu müşriklər özləri də bilirdilər. Əgər bilməsəydilər də, Quran onlara xəbər verdi[29]. Yaxın qohumların çağırılması: İmam Əli (ə) buyurmuşdur: “Bu ayə nazil olanda Allah rəsulu (s) həmin vaxt sayları təxminəən qırx nəfərə çatan Əbdülmüttəlib övladlarını çağırıb buyurdu: “Sizlərdən hansınız mənim qardaşım, varisim, arxam, məndən sonra mənim vəsim və sizin aranızdakı canişinim olar?” Bu sözü onların hər birinə ayrıca dedi, hamısı da təklifi rədd etdi. Nəhayət, sözü mənə ünvanladı. Mən dedim: “Ey Allahın elçisi! Mən hazıram”. Bu vaxt üzünü Əbdülmüttəlib nəslinə tutub ded: “Ey Əbdülmüttəlibin övladları! Bu, mənim varisim, arxam və məndən sonra aranzıdakı canişinimdir. Sonra toplaşanlar istehza ilə gülüb qalxdılar və Əbutalibə dedilər: “Sənə əmr edəcək ki, bu oğlan uşağının əmrinə tabe olub ona itaət edəsən.”[30] 224-227. İslamda şeir və şairlik: Şübhəsz ki, şeir təbi və şairlik bacarığı insanın digər bütün istedadları kimi, düzgün istiqamətə yönəldiyi, ondan müsbət şəkildə istifadə edildiyi zaman qiymətli olur. Əgər ondan insanların etiqad və əxlaq özüllərini dağıtmaq, fəsada, anarxiyaya çağırış üçün istifadə edilərsə, insanlar onunla puçluğa, mənasızlığa, xəyalpərəstliyə sövq edilərsə və ya ondan məzmunsuz məşğuliyyət kimi istifadə edilərsə, qiymətsiz, hətta zərərli olar. İslam da bu istiqamətin hədəflərini, strategiyalarını və nəticələrini qiymətləndirir. Bir qrup səhabə mübarək ramazan gecələrinin birində sözü şer və şairliyin üstünə gətirdiyi vaxt İmam Əli (ə) buyurdu: “Bilin ki, əməl meyarınız dindir, sizi qoruyan vasitə təqvadır, bəzəyiniz ədəbdir, abrınızı qoruyan vasitə səbirdir.” Şeir, əslində, vasitədir, onun qiymət meyarı istifadə edildiyi məqsəddir. Bəzən bu vasitə elə həddə çatdırılmışdır ki, fəsad və destruktivliyin əsas amilinə çevrilmişdir, bəzən bir xalqı və milləti qaniçən və əzazil düşmən qarşısında elə cəsur etmişdir ki, rəşadətli döyüşçülər düşmən ordusunun sıralarını dağıdaraq qəlbini parçalamışlar. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bizim haqqımızda bir beyt şeir desə, Allah Cənnətdə onun üçün bir ev inşa edər.”[31] [1] Nümunə, c.15, səh.179 [2] Nümunə, c.15, səh.185-188 [3] Mənşuri-cavid, c.12, səh.69 [4] Əl-Mizan, c.15, səh.261 [5] Əl-Mizan, c.15, səh.264 [6] Nümunə, c.15, səh.216 [7] Nümunə, c.15, səh.222 [8] Nümunə, c.15, səh.238 [9] Nümunə, c.15, səh.239 [10] Nümunə, c.15, səh.247 [11] Təfsiri-mövzui, c.6, səh.378; Pəyame-Quran, c.3, səh.342; Ətyəbül-bəyan, c.10, səh.44 [12] Nümunə, c.15, səh.261 [13] Əl-Mizan, c.15, səh.286 [14] Nümunə, c.15, səh.273 [15] Nümunə, c.15, səh.268 [16] Nümunə, c.15, səh.282 [17] Ətyəbül-bəyan, c.10, səh.60 [18] Nümunə, c.15, səh.293 [19] Nümunə, c.15, səh.294 [20] Nümunə, c.15, səh.307 [21] Nümunə, c.15, səh.311 [22] Nəhcül-bəlağə, 192-ci xütbə [23] Nümunə, c.15, səh.314 [24] Nümunə, c.15. səh.320 [25] Nümunə, c.15, səh.111 [26] Nümunə, c.15, səh.340 [27] Əl-Mizan, c.15, səh.316 [28] Nümunə, c.15, səh.53 [29] Nümunə, c.15, səh.363 [30] İləlüş-şəraye, c.1, səh.170 [31] Nümunə, c.15, səh.381

QURANI KƏRIM 09.02.2025

“Furqan” surəsi

“Furqan” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Aləmləri xəbərdar edib qorxutmaqdan ötrü Öz quluna Furqanı (Quranı) nazil edən kəs tükənməz, bərəkətli və xeyirlidir! Göylərin və yerin hökmranlığı Ona məxsusdur. Özünə övlad götürməmişdir və hökumətində də şəriki yoxdur. Hər şeyi yaradıb dəqiq bir biçim vermişdir. —————————————————————————————– Mühüm proqramlarda iştirak etməmək üçün Peyğəmbərdən (s) icazə alınmasının zəruriliyi: Bəzi hədislərdə bu ayənin Hənzələ ibn Əyyaş haqqında nazil olduğu qeyd edilmişdir. Ühüd döyüşünün baş verəcəyi günün gecəsi Hənzələ ailə qurmağa hazırlaşırdı. Peyğəmbər (s) səhabələri ilə döyüşlə bağlı müzakirələr aparırdı. Bu zaman Hənzələ Peyğəmbərin (s) yanına gəlib ondan həmin gecə üçün icazə istəyir. Peyğəmbər (s) icazə verir. Səhər açıldıqda döyüşdə iştirak etmək üçün o qədər tələskənlik edir ki, hətta qüsl almağa belə lüzum görmür. Elə həmin halda döyüş meydanına yollanır. Nəhayət, şəhid olur. Peyğəmbər (s) onun haqqında belə buyurur: “Mələklərin yerlə göy arasında Hənzələyə qüsl verdiklərini gördüm”. Bundan sonra Hənzələ “Ğəsilül-məlaikə” (mələklərin qüsl verdiyi adam) ləqəbi ilə tanınır[1]. Peyğəmbəri (s) bir-birinizi çağırdığınız kimi çağırmayın: Bu cümlə ilə bağlı iki izah mövcuddur: 1. Peyğəmbərin (s) çağırışını öz çağırışlarınıza tay tutmayın. Əgər o, sizi hər hansı məsələyə görə çağırırsa, deməli, həmin məsələ dini cəhətdən çox mühüm bir məsələdir. Ona çox böyük əhəmiyyəti olan bir məsələ kimi baxmaq lazımdır. Onun çağırışlarına laqeyd yanaşmayın, əmrini Allahın əmri, çağırışını Allahın çağırışı bilin. 2. Peyğəmbəri (s) çağırarkən bir-birinizi çağırdığınız kimi deyil, ədəb-ərkanla, hörmətlə, məqamına layiq şəkildə çağırın. Bu göstəriş ona görə verildi ki, o dövrdə İslamın etik davranışları ilə tanış olmayanlar həm təklikdə, həm də ictimai yerdə Peyğəmbəri (s) birbaşa adı ilə “Mühəmməd!” – deyə çağırırdılar. Bu da böyük səmavi rəhbərin məqamına uyğun olmayan bir davranış idi. Bu ayədə onun “ey Allahın rəsulu”, “ey Allahın nəbisi” kimi adlarla, ədəblə, etik normalara uyğun səs ahəngi ilə çağırmaq göstərişi verilir[2]. İmam Sadiqin (ə) bir hədisində həzrət Fatimənin (ə) dilindən belə nəql edildiyi qeyd edilmişdir: “Bu ayə nazil olandan sonra mən artıq Allah rəsulunu “atacan” deməyə son qoyub “ey Allahın rəsulu”, – deyə çağırmağa başladım. Peyğəmbər (s) mənə buyurdu: “Sən “atacan” de. Çünki bu söz qəlbimi daha da canlandırır və Allahı daha çox şad edir.”[3] “Furqan” surəsinin ümumi məzmunu: Bu surə üç hissədən təşkil olunub: 1. Surənin əvvəlində müşriklərin bəhanələri qeyd edilərək onlara cavablar verilir, Allahın əzabı, Qiyamət gününün hesab-kitabı və Cəhənnəmin ağrı-acılı əzabları ilə qorxudulur, keçmiş xalqların başına gələnlərdən söz açılır. 2. Bu mövzunu təkmilləşdirmək üçün Allahın təkliyini sübut edən dəlillərin müəyyən qisminə, Allahın mövcudat aləmindəki əzəmət nişanələrinə işarə edilir. 3. Həqiqi möminlər və Allahın səmimi bəndələrinin xüsusiyyətlərinə ümumiləşdirilmiş şəkildə toxunulur[4]. Quran haqla batili ayırandır: “Furqan” sözünün mənası ayıran, fərqləndirəndir. Ayədə “furqan” deyiləkən Quran nəzərdə tutulmuşdur. Çünki Quran insan həyatının bütün sferalarında haqla batilin əbədi və ən yaxşı tanıtdırıcısıdır. Quran fikir, düşüncə, inanc, qanun, hökmlər, ədəb və əxlaq sahəsində möhkəm bir meyardır[5]. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Fitnələr qaranlıq gecənin bir parçası kimi sizi ağuşuna aldığı vaxt Qurana sığının!”[6] Diqqət çəkən məqam ondan ibarətdir ki, Allahın zatının mübarək olması Furqanın, yəni haqqı batildən ayıran Quranın nazil olması vasitəsilə təqdim edilmişdir. Bu da onu göstərir ki, ən böyük xeyir və bərəkət insanın haqq və batili tanımaqda istifadə etdiyi vasitədədir[7]. Onlar Allahı qoyub heç nə yaratmayan, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrətləri çatmayanları özlərinə tanrı seçdilər. Kafirlər: “Bu, onun uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa adamlar da kömək etmişlər” – dedilər. Beləcə, onlar haqsızlığa və iftiraya yol verdilər. Onlar: “Bu, keçmişdəkilərin nağıllarıdır. O, bunları köçürmüşdür. Bunlar səhər-axşam ona oxunur” – dedilər. De: “Onu göylərin və yerlərin sirlərini bilən nazil etmişdir. O, bağışlayandır, rəhimlidir!” Onlar dedilər: “Nə üçün bu peyğəmbər yemək yeyir, bazarları gəzib dolaşır. Nə üçün ona özü ilə birlikdə xəbərdarlıq edib qorxu gələn bir mələk göndərilmədi? Niyə ona (göydən) bir xəzinə göndərilmədi? Niyə meyvəsindən yeyəcəyi bir bağı olmadı?” Zalımlar: “Siz ancaq cin vurmuş bir adamın ardınca gedirsiniz” – dedilər. Gör səninlə bağlı hansı bənzətmələri söylədilər və haqq yoldan bir daha onu tapa bilməyəcəkləri şəkildə sapdılar! İstəsə, sənə bundan daha yaxşısını verə, ağacları altından çaylar axan Cənnət bağlarını yarada, sənin üçün dəbdəbəli qəsrlər inşa edə bilən Allah necə də tükənməz, bərəkətli və xeyirlidir! Lakin onlar Qiyaməti də yalan saydılar. Biz də Qiyaməti yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq. ——————————————————————————————- 4-5. Quranı başqalarından öyrənməsi Peyğəmbərə (s) atılan bir böhtandır: Hədislərdə qeyd edilir ki, kafirlər “başqa adamlar” deyərkən Tövratı oxuyub onunla yaxından tanışlığı olan Qədas, Yəsar və Həbr adlı üç yəhudini nəzərdə tuturdular. Onlar müsəlman olduqdan sonra Peyğəmbər (s) onlara qayğı göstərirdi. Kafirlər bu vəziyyətdən sui-istifadə edərək Peyğəmbərə (s) bu ayələrdə qeyd edilən iftiraları atdılar[8]. Kafirlər bir neçə cümlə ilə Quranda zəif cəhətlər olduğunu sübut etməyə çalışırdılar: “Quranda yeni heç nə yoxdur, keçmişdəkilərin bir ovuc nağıllarıdır. Başqalarını köməyi olmadan Peyğəmbər (s) öz fəaliyyətni hətta bir gün də davam etdirə bilməz. Səhər-axşam mövzuları ona kimlərsə diktə etməli və o da yazmalı idi. O, yazmağı da bilir, oxumağı da. Təhsil almamışam deməsi yalandır”. Kafirlər bu iftiraları ilə insanları Peyğəmbərin (s) ətrafından dağıtmaq istəyirdilər. Halbuki hamı Peyğəmbərin (s) kimdənsə təhsil almadığını yaxşı bilirdi. Hər gün kimdənsə nə isə öyrənsəydi, bunu hər kəsdən əsla gizlətmək olmazdı. Bundan başqa, Quran ayələri Peyğəmbərə (s) müxtəlif vaxtlarda, o cümlədən səfərlərdə də nazil olurdu. Digər tərəfdən, Quranda keçmiş peyğəmbərlərin əhvalatları ilə yanaşı etiqad, əxlaq, hökm və qanunlarla bağlı çox mövzular yer almışdır. Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, Quranda peyğəmbərlər haqqında yazılanlar təhrif edilmiş Tövrat, İncil və ərəb nağıllarında olan əhvalatlardan fərqlənirdi. Əgər onları Quranla müqayisə etsək, bunun şahidi olarıq[9]. Allah Peyğəmbərə (s) kafirlərin söylədiklərindən daha yaxşısını bəxş edə bilər: Əvvəlki ayələrdə qeyd edilir ki, kafirlər Peyğəmbərə (s) qarşı ittihamlar irəli sürərkən nə üçün ona göydən xəzinə göndərilmədiyini və ya nə üçün bir bağ sahibi olmadığını da irad tuturdular. Allah-taala bu ayədə onlara cavab verərək buyurur ki, Allah Peyğəmbərə (s) kafirlərin söylədiyi xəzinə və bağdan daha yaxşısını verə blər, ancaq istədiyi bu deyil[10]. İmam Əli (ə) bu mövzunu çox gözəl bir tərzdə ifadə etmişdir: “Əgər Allah-taala istəsəydi, peyğəmbərləri seçərkən xəzinələri, ləl-cəvahirat mədənlərini, yamyaşıl bağların qapılarını onların üzünə açardı. Göydəki quşları, yer üzünün yırtıcı heyvanlarını onlarla birlikdə hərəkətə gətirərdi. Ancaq bunu etsəydi, imtahan olmazdı, mükafat və əzab heç bir əhəmiyyət kəsb etməzdi, Allahın müjdə və təhdidləri faydasız olardı, möminlərə sınanmışların mükafatları vacb olmazdı, iman gətirənlər əməlisalehlərin savablarına layiq görülməzdilər, sözlər öz mənasını itirərdi. Lakin Allah peyğəmbərləri zahirən sadə və yoxsul olmalarına baxmayaraq, əzmkar və qüvvətli, qəlbləri və gözləri doldurmayacaq qədər qənaətcil, göz və qulaqları heyrətləndirəcək qədər yoxsul olduqları halda seçmişdir. Əgər peyğəmbərlər qarşı çıxılmayacaq qədər böyük qüdrətə, əsla məğlub edilə blməyəcək gücə, bütün gözlərin dikildiyi hakimiyyətə sahib olsaydılar, insanlar uzaq-uzaq yerlərdən onlara doğru axın edərdilər, insanlar arasında etibarları və dəyərləri olmazdı, təkəbbürlü insanlar qarşılarında təzim edərdilər, qorxu və ya maddiyyata olan sevgi üzündən zahirən iman gətirdiklərini söyləyərdilər. Belə olan surətdə imanları xalis olmazdı, imanlarına Allahdan qeyri hədəflər nüfuz edərdi, yaxşı işləri ayrı-ayrı məqsədlər üçün edərdilər. Ancaq Allah peyğəmbərlərə itaət göstərilməsinin, səmavi kitabların təsdiqinin, ibadətdə təvazökarlığın, Allahın əmrinə boyun əyməyin, itaətkarlığın əsasında Allah üçün olan xalis niyyətin durmasını, niyyətlərə Allahdan qeyrisinin qatılmamasını istəmişdir. Çünki sınaq və çətinliklərin miqyası artdıqca savab və mükafatlar da artmış olur.”[11] Buradan da aydın olur ki, bu ayədə bağ və qəsr deyilərkən axirət deyil, dünya bağları və qəsrləri nəzərdə tutulur. Yəni Allah-taala elə bu dünyada peyğəmbərlərə kafirlərin söylədiklərindən daha yaxşısını bəxş edə bilər[12]. Bu od onları uzaq məsafədən gördüyü zaman onun qorxulu səsini və qəzəbli uğultusunu eşidəcəklər. Zəncirə vurulmuş və buxovlanmış halda onun dar bir küncünə atıldıqları zaman ah-nalə səsləri, “mənə ölüm olsun” fəryadları ucalar. (Onlara deyilər:) “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!” De: “Bu yaxşıdır, yoxsa müttəqilərə əməllərinin mükafati və məskunlaşmaları üçün vəd edilən əbədi Cənnət?” Onlar üçün orada istədikləri hər şey vardır. Orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü qəti bir vəddir. O gün onları və Allahdan başqa sitayiş etdiklərinin hamısını bir yerə toplayıb deyəcək: “Mənim bu qullarımı siz azdırdınız, yoxsa onlar özləri azdılar?” Onlar deyəcəklər: “Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər bol nemət bəxş etdin ki, axırda Səni xatırlamağı unudub məhvə məhkum oldular”. (Allah-taala onlara buyuracaq:) “Bu məbudlar sizin dediklərinizi təkzib etdilər. Artıq siz nə əzabı dəf edə, nə də kimdənsə yardım diləyə bilirsiniz. Zülm edənlərinizə böyük bir əzab daddıracağıq”. Səndən öncəki elçilərimiz də yemək yeyər, bazarları gəzib dolanardılar. Sizin bəzilərinizi digərlərinizlə sınaqdan keçirtdik ki, (görək) səbir edə biləcəksinizmi? Sənin Rəbbin görəndir. ——————————————————————————————- Cəhənnəmin fəryadı: Bu ayədə ilahi əzabın şiddətini göstərən bir neçə bədii ifadə işlədilmişdir: 1. Ayədə “onlar Cəhənnəm odunu uzaqdan görürlər” deyil, “Cəhənnəm odu onları uzaqdan görür” deyə buyurulmuşdur. Sanki gözü və qulağı varmış kimi od yollara göz dikib günahkarların yolunu gözləyir. 2. Həyəcana gəlməsi üçün od onların yaxınlaşmasına ehtiyac duymur. Elə uzaq məsafədən qəzəblə fəryad qoparır. Hədislərə görə bu məsafə br illik yoldur. 3. Cəhənnəm odu üçün “zəfir” ifadəsi işlədilmişdir. Zəfir insanın havanı ciyərlərinə alması nəticəsində köksünün qabarmasına deyilir. Bu vəziyyət adətən, insan bərk qəzəbləndiyi vaxt baş verir. Bu ifadələrlə Cəhənnəm odu öz ovunu gözləyən ac yırtıcıya bənzədilmişdir[13]. 17-18. Burada “Allahdan qeyriləri” deyilərkən kimlər nəzərdə tutulur? Məşhur təfsirçilər bu suala iki cavab vermişlər: 1. Burada tanrılar deyilərkən ayrı-ayrı müşrik zümrələrin özlərinə məbud seçdiyi insanlar (İsa peyğəmbər kimi), şeytanlar (cinlər kimi) və mələklərdən olan tanrılar nəzərdə tutulur. Bu ibadət obyektləri ağıl, şüur və idrak sahibləri olduqları üçün onlara sual ünvanlanmışdır. “Bunlar bizim onlara ibadət etməyimizi istəyirdilər” deyən müşriklərin yalanını üzə çıxarmaq və bəhanələrinə son qoymaq üçün iddia ilə bağlı tanrı seçilən bu varlıqların özlərindən soruşulur. Onlar isə söylənilənlərin yalan olduğunu bildirirlər. 2. Allah-taala həmin gün bütlərə bir növ həyat və şüur bəxş edəcək. Onlar da verilən suallara cavab verə və “İlahi, biz bunları azdırmadıq, bunlar nəfs və təkəbbürlərinə tabe olub azdılar”, – deyə cavab verə biləcəklər. Ayədəki göstəricilər onların ağıl və şüur sahibi olduqlarını göstərir. Bu da İsa, mələklər və onlar kimi şüurlu varlıqlar versiyasının daha münasib olduğunu deməyə əsas verir[14]. Peyğəmbərlər insanlar üçün sınaq və imtahan vasitəsidir: Əvvəlki ayələrdə qeyd edilir ki, kafirlər peyğəmbərin insanlar kimi yeməsini, bazarlarda gəzməsini, maddi cəhətdən özünə xas bir həyat tərzinə malik olmadığını ona irad tuturdular. Allah-taala bu ayədə onlara cavab verərək buyurur ki, Allahın dəyişməz qanununa əsasən bu dünya ixtiyar və sınaq yeridir, insanlar müxtəlif vasitələrlə sınanırlar. Allah bəzi insanların digərləri üçün sınaq vasitəsi olmasını istəyir. Peyğəmbərlər maddi həyatda insanlarla ortaq cəhətlərə malik olduqlarına görə onlar üçün sınaq vasitəsi olurlar. Bununla da şübhəçilər möminlərdən, haqqın acısına dözə bilməyən ehtiras və nəfsani istək davamçıları Allaha itaət yolunda səbir və dözüm nümayiş etdirən haqq ardıcıllarından fərqləndirilirlər[15]. İnsanların çoxu öz kimilərin, xüsusilə maddi cəhətdən aşağı həyat tərzinə malik insanların tabeçiliyi altında olmağı xoşlamırlar. Onlara görə rəhbər ya maddi cəhətdən, ya yaşca digərlərindən üstün olmalı, ya da cəmiyyətdə tanınıb-seçilən adamlardan olmalıdır. “İsra” surəsinn 94-cü ayəsində Allah-taala belə buyurmuşdur: “İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.”[16] Bizimlə görüşəcəklərinə ümid etməyənlər dedilər: “Nə üçün bizə mələklər göndərilmədi? Niyə Rəbbimizi öz gözlərimizlə görmürük?” Onlar özləri haqqında təkəbbürə qapıldılar və həddi çox aşdılar. Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Bu, onların əzab günü olacaq). Deyəcəklər: “ Bizə aman verin, bizi bağışlayın!” Biz onların etdikləri əməllərə baxdıqdan sonra onları havada sovrulmuş toz dənəciklərinə çevirərik. Həmin gün Cənnət sakinlərinin qalacağı yer daha yaxşı və istirahət edəcəyi yer daha gözəl olacaqdır. Həmin gün göy buludla parçalanacaq və mələklər (yerə) endiriləcəkdir. Həmin gün həqiqi hökmranlıq ancaq rəhman olan Allaha məxsusdur. O gün kafirlər üçün çətin bir gün olacaqdır. Həmin gün zalım kimsə əlini dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki zikr (haqqı xatırladan) mənə çatdıqdan sonra o, məni (haqqı) xatırlamaqdan sapdırdı”. Şeytan insanı hər zaman xar edəndir. Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək. Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Amma yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. Kafirlər dedilər: “Nə üçün Quran ona birdəfəyə nazil olmadı?” Biz onu sənin qəlbini möhkəmləndirmək üçün sənə tədricən oxuduq. —————————————————————————————– Göylərin parçalanacağı gün: Bu ayədə müşriklərin bəhanələrindən birinə cavab verilmişdir. Onlar əsatir və nağıllarda olduğu kimi, Allahın və mələklərin buludların arasından enib onları haqqa dəvət edəcəklərini gözləyirdilər. Yəhudi əsatirlərində də bəzən Allahın buludlar arasında göründüyü qeyd edilmişdir. Quranda onlara belə cavab verilir: Mələklər bir gün onlar üçün enəcək. Ancaq həmin gün onların cəza və əzab günü olacaq. Həmin gün onların xülyalarına son qoyulacaq. Bəzi təfsirçilər hesab edirlər ki, göylərin parçalanması deyilərkən müşahidə aləminin aşkar olması, cəhalət və nadanlıq pərdəsinin kənara çəkilməsi, qeyb aləminin aşkara çıxması nəzərdə tutulur. İnsanlar həmin gün malik olduğu dərk və gözdən fərqli bir dərkə və gözə malik olacaq. Pərdələr kənara çəkiləcək və insanlar yuxarı aləmdən enməkdə olan mələkləri görəcəklər[17]. 27-28. Dostun insan həyatındakı rolu: 27-ci ayədə: “Kaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım!”, sonrakı ayədə isə: “Kaş ki, filankəslə dost olmayaydım!”, – deyə buyurulmuşdur. Yəni bütün bədbəxtliyimə səbəb Peyğəmbərlə (s) əlaqəni kəsməyim, azğın insanla dostluq etməyimdir[18]. Bu ayələrdən məlum olur ki, haqq yoldan azmışların azmasının səbəbi nəfsi istəklərinə tabe olmaları və şeytanın dostları ilə dostluq etmələridir. Təcrübə də bu həqiqəti təsdiq edir[19]. İnsan istər-istəməz təsirə məruz qalan varlıqdır, fikirlərinin mühüm hissəsini dostluq etdiyi insanların düşüncə tərzi təşkil edir. Təsirə məruz qalma məsələsi haqqında İmam Əli (ə) belə buyurmuşdur: “Əgər kiminsə vəziyyəti sizdə şübhə doğursa və onun hansı dinə qulluq etdiyini bilməsəniz, dostlarına baxın. Əgər dostları Allah dininin davamçıları olsalar, deməli, o da Allah dinində olan adamdır, yox əgər Allah dininin davamçıları olmasalar, deməli, o da Allah dinində deyil.” Doğrusu, dostun insanın xoşbəxtlik və bədbəxtliyindəki rolu bütün amillərdən böyük olur. Bəzən dost insanı məhvə sürükləyir, bəzən iftixar zirvəzinə yüksəldir. İmam Cavad (ə) hədislərinin birində belə buyurmuşdur: “Sıyrılmış qılınc kimi, zahiri gözəl, təsiri isə çox acınacaqlı olan pis insanla yoldaşlıq etməkdən çəkin!”[20] İnsanlar Quranı tərk ediblər: Bu ayədə İslam peyğəmbərinin (s) kafirlərin Quranla davranış qaydasından şikayəti və narahatlığından danışılır. Bu şikayətin şamil olduğu insanlar bu gün də mövcuddur. Müsəlmanların bir çoxu həyat rəmzi, xilas vasitəsi, qələbə, hərəkət, tərəqqi amili və həyat proqramları ilə dolu olan Quranı bir kənara qoyub, hətta mülki və cəza qanunları üçün də başqalarının tərtib etdiyi qanunlara müraciət etmişlər. Əgər İslam ölkələrinin çoxuna, xüsusilə Şərq və Qərb mədəniyyətinin hökmranlığı altında olan müsəlman ölkələrinə baxsaq, Quranın onların arasında formal bir rituala çevrildiyinin şahid olarıq. Quran yalnız gözəl səslərlə oxunur, ayələri məscidlərin divarlarına yazılır, açılış mərasimlərində oxunur, səfərdə olanların qorunması, xəstələrin şəfa tapması, maksimum dərəcədə oxunuş savabına nail olmaq üçün istifadə edilir. Bəzi İslam ölkələrində Quranın oxunması və əzbərlənməsi dərnəkləri təşkil edilmişdir. Çoxlu sayda oğlan və qızlar Quranı oxumaq və əzbərləməklə məşğuldurlar. Ancaq fikir və qanunlara gəldikdə, bunlar əcnəbilərdən alınır. Elə bu gün də Peyğəmbər (s) yüksək səslə bunları deməkdədir: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk edib!”[21] Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, (onlara qarşı cavab olaraq) Biz sənə haqqı və ən yaxşı yozumu verməyək. Üzləri üstə Cəhənnəmə doğru toplanılacaq kimsələrin yeri ən pis yerdir və onlar haqq yoldan ən çox azan kimsələrdir. Biz Musaya kitab verdik və qardaşı Harunu da ona köməkçi etdik. “Ayələrimizi yalan sayan bu tayfanın yanına gedin!” – dedik. (Ancaq onlar imtina etdilər). Sonra Biz onları (ayələrimizi yalan sayanları) ağrı-acı içində məhv etdk. Biz Nuh qövmünü elçiləri yalançı saydıqları zaman suda batırdıq və onları insanlar üçün bir ibrət etdik. Biz zalımlar üçün sarsıdıcı bir əzab hazırlamışıq. Biz Adı, Səmudu, Rəss əhlini (küknar ağacına sitayiş edənləri) və onların arasında olan bir çox nəsilləri də məhv etdik. Biz onların hamısına misallar çəkdik və onların hamısını məhv etdik. Onlar (Məkkə müşrikləri) bəla yağmuru düşmüş şəhərin yanından keçmişdilər. Məgər onlar onu görmürdülər? (Bəli, görürdülər, ancaq) onlar öldükdən sonra dirilməyə də inanmırlar. Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: ) “Budurmu Allahın elçi göndərdiyi kəs? Əgər biz tanrılarımıza tapınmaqda qətiyyətli olmasaydıq, az qala o, bizi azdıracaqdı”. Onlar əzabı gördükləri zaman dərhal kimin haqq yoldan daha çox azdığını anlayacaqlar. Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən onu haqq yola yönəldə biləcəksənmi (və ya onu müdafiə edə biləcəksənmi)? ————————————————————————————– Rəss əhalisi: İmam Əlinin (ə) Rəss əhalisi ilə bağlı böyük bir hədisi var. Hədisin xülasəsi belədir: Onlar “şah ağac” adlandırdıqları sənubər (küknar) ağacına sitayiş edən bir qövm idi. Qövmün Rəss çayı sahilində on iki abad şəhəri var idi. Həmin şəhərlər bunlardır: “Aban, Azər, Dey, Bəhmən, İsfənd, Fərvərdin, Ordibehişt, Xordad, Mordad, Tir, Mehr, Şəhrivər”. Əcəmlər öz aylarını da bu şəhərlərin adları ilə adlandırıblar. Rəss əhalisi küknar ağacına hörmət əlaməti olaraq onun toxumlarını ayrı-ayrı yerlərdə əkir və suvarmaq üçün çaydan onların dibinə arxlar çəkirdi. Həmin sudan kimsə içsəydi, onu qətlə yetirib deyərdilər: Bu tanrıların həyat mənbəyidir, onu azaltmağa kiminsə haqqı çatmır. Onlar hər ayın bir gününü bir şəhərdə bayram təşkil edir, şəhərin kənarında olan küknar ağacının yanına gedib ona qurban kəsir, başı kəsilmiş heyvanın bədənini oda atırdılar. Tüstü göylərə qalxdığında səcdəyə qapanıb ah-nalə etməyə başlayırdılar. Bu ənənə bütün şəhərlərdə davam etdirilirdi. Nəhayət bir gün növbə İsfəndiyarın şahlıq etdiyi paytaxt şəhərə çatdı. Bütün kəndlərin əhalisi şəhərə toplaşdı. On iki gün ardıcıl bayram təşkil edildi, imkanları çatan hər şeyi qurban etdilər. Ağacın qarşısında səcdə etdilər. Beləcə, küfr və ağaca sitayiş girdabında qərq olduqları vaxt Allah onlara İsrail oğullarından bir peyğəmbər göndərdi. Peyğəmbər onları tək olan Allaha ibadət etməyə, şirkdən əl çəkməyə çağırdı. Ancaq onlar iman gətirmədilər. Peyğəmbər də onların ibadət etdiyi ağacı nifrin etdi. Ağac qurudu. Hadisədən narahat olan camaat peyğəmbəri öldürmək qərarına gəldi. Dərin bir quyu qazıb onu həmin quyuya atdılar, ağzını da bağladılar. Üstündə əyləşib canını tapşırana qədər etdiyi ah-naləyə qulaq asdılar. Bu əməllərinə görə Allah onlara şiddətli bir əzab göndərib son adamlarına qədər məhv etdi. Hədislərdə qeyd edilənlərə görə, bu qövmün qadınları da yollarını azıb meyillərini qadınlara salmışdılar[22]. Nəfsani istəklərə və ehtiraslara pərəstiş etmək təhlükəli bəladır: İnsanda müxtəlif instinktlər və meyillərin, özünə, maddi həyata sevgisi, qəzəb və sair xüsusiyyətlərin olması danılmazdır. Bütün bunlar, əslində, həyatın davamı üçün zəruridir. Allah-taala bunların hamısını insanın kamilləşməsində rol oynayan vasitələr olaraq yaratmışdır. Lakin bəzən bu instinktlər həddi aşır, ağılı özünə müti edir, hətta onu həbs edib, insanın bütün varlığına hakim kəsilir, ixtiyar və azadlığını əlindən alır. Bu, hər növ bütpərəstlikdən təhlükəli olan nəfsə itaətdir. Hətta bütpərəstliyin də ondan qaynaqlandığını deyə bilərik. Buna görə də Peyğəmbərin (s) hədislərinin birində “göylər altında itaət edilən nəfsdən böyük büt yoxdur”, – deyə buyurması səbəbsiz deyil. Hədislərdə bu məsələ ilə bağlı çox təkanverici ifadələr işləndiyinin şahidi oluruq. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Nəfsə itaət etməklə nə din bir araya gələr, nə ağıl”. Bəzən elə olur ki, insan nəfsə itaətdən aldığı zərbənin acısını ömrünün sonuna qədər çəkir. Bəzən də elə olur ki, nəfsə itaəti tərk etməsi nəticəsində Allah bəndəsi adi yollarla mümkün olmayan çox yüksək məqamlara ucalır[23]. Yoxsa onların çoxunun eşidib anlayacağınımı güman edirsən? Onlar heyvan kimidirlər, bəlkə daha da azğındırlar. Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsən? Əgər O, istəsəydi, onu hərəkətsiz halda saxlayardı. Sonra Biz günəşi onun varlığının göstəricisi etdik. Sonra o kölgəni yavaş-yavaş yığırıq. Sizin üçün gecəni libas, yuxunu rahatlıq, gündüzü də həyat və fəaliyyət vasitəsi edən Odur. Küləkləri Öz rəhmətindən qabaq müjdəçi olaraq göndərən Odur. Biz göydən təmizləyici və pakedici su endirdik ki, onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvanlara və necə-neçə insanlara ondan içirdək. Xatırlamaları üçün bu ayələri onlara müxtəlif formalarda bəyan etdik. Lakin insanların çoxu küfrdən başqa hər şeydən imtina edir. Əgər istəsəydik, hər bir kəndə və şəhərə bir qorxudan göndərərdik (ancaq buna lüzum yoxdur). Buna görə sən kafirlərə baş əymə və onlara qarşı bunun (Quranın) vasitəsilə böyük bir cihad et! Birinin suyu dadlı və şirin, digərininki isə duzlu və acı olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur. Sudan insan yaradan, ona qan qohumları və sonradan qohum olanları bəxş edən Odur. Rəbbin hər zaman qadirdir. Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə sitayiş edirlər. Kafirlər Rəblərinə qarşı həmişə bir-birinə arxa dururlar. ——————————————————————————————- 45-46. Kölgələrin hərəkəti: Bu ayələrdə kölgə nemətindən söhbət açılır. Şübhəsiz ki, ayənin “məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi?”, – deyə buyurulan ilk hissəsində uzun və hərəkətdə olan, bir vəziyyətdə qalmayan, daim hərəkət edən və yerini dəyişən kölgə nemətinin əhəmiyyətinə işarə edilmişdir[24]. Ayələrin məzmunundan belə başa düşülür ki, kölgələrin uzanması deyilərkən günortadan sonraya təsadüf edən, qərb tərəfdən başqlayaraq şərqə doğru uzanan, günəş qüruba çatdığında yox olan kölgə nəzərdə tutulur. Günəş qürub etdikdə bu uzanma başa çatır və gecə başlayır. Sözügedən kölgə hər zaman hərəkətdədir. Əgər Allah istəsəydi, onu sabit saxlayardı[25]. Allah-taala sonra günəşi bu kölgənin varlığının göstəricisi etdiyini buyurur. Yəni Allah demək istəyir ki, əgər günəş olmasaydı, kölgə anlayışı aydın olmazdı. 46-cı ayədə kölgə neməti ilə yanaşı başqa bir böyük nemətə işarə edilmişdir. Bu nemət kölgələrin tədricən yekunlaşmasıdır. Əgər işıqdan qaranlığa və əksinə keçid qəfildən baş versəydi, bütün mövcudata zərər dəyərdi. Lakin bu keçmənin tədricən baş verməsi mövcudat aləmi üçün heç bir zərər vermədən böyük xeyirlər verir[26]. Vahid rəhbərlik: Peyğəmbərlər ümmətlərin rəhbərləridirlər. Rəhbər mövzusunda təfriqə ümmətlərin zəifləməsinə səbəb olur. Dövrümüzdə, yəni peyğəmbərliyin sona yetdiyi, dünyanın sonuna qədər rəhbərliyin davam etməsinin zəruri olduğu bir şəraitdə mərkəzləşmə və vəhdət əhəmiyyəti özünü daha qabarıq şəkildə göstərir. Vahid rəhbər bütün qüvvələri bir yerə toplaya və onlara vahid bir proqram təqdim edə bilər. Vahid rəhbərlik tövhid həqiqətinin insan cəmiyyətinə yansıdığını göstərir. Bunun əksi isə artıq bir növ şirk, təfriqə və nifaq deməkdir. Peyğəmbərlik məqamını keçdikdən sonra rəhbərliyin aşağı səviyyələrinə də bu prinsip hakim olmalıdır. Rəhbər sarıdan təfriqəyə məruz qalmış xalqlar zəifləməklə yanaşı, həyatlarının bütün sahələrində parçalanmaya düçar olmuşlar[27]. Birinin suyu şirin, digərinin suyu şor olan iki dənizin bir yerdə qərarlaşması: Bu ayədə Allahın bu dünyadakı qüdrətinin heyrətamiz təzahüründən, birinin suyu şor, digərininki şirin olan iki dəniz arasında görünməz pərdə çəkərək bir-birinə qarışmağa qoymamasından danışılır. Əlbəttə, bu gün biz artıq bilirik ki, bu iki dənizi bir-birinə qarışmağa qoymayan görünməz pərdə şor və şirin suyun qatılığı və onların hər birinin özünəməxsus çəkiyə malik olmasıdır. Bu amillər onların uzun müddət bir-birinə qarışmasına imkan vermir. Bəzi təfsirçilər ayədə işarə edilən iki dənizi tapmaq üçün yer kürəsinə uzun-uzadı səyahətə çıxmışlar. Ancaq bu problem bizim üçün öz həllini tapmış məsələlərdəndir. Çünki dənizlərə tökülən bütün şirin sulu çaylar sahilə yaxın ərazidə şirin sudan ibarət bir dəniz zonası yaradır və şor suyu kənara itələyirlər. Bu vəziyyət uzaq məsafələrə qədər davam edir. Qatılıq dərəcəsndəki fərqlilikdən asılı olaraq bir-birinə qarışmırlar[28]. Biz səni ancaq müjdə verən və qorxudan kimi göndərdik. De: “Mən bunun (Allah dinini yaymağın) əvəzinə sizdən heç bir mükafat istəmirəm. Təkcə onu istəyirəm ki, insanlar Rəbbinə tərəf aparan bir yol tutsunlar”. Ölməz, (əbədi) yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir. Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərş üzərində qərarlaşan (Allah) Rəhmandır. Ondan istə ki, hər şeydən xəbərdardır! Onlara: “Rəhman Allaha səcdə edin!” – deyildikdə: “Rəhman nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?” – deyərlər. (Bu sözü deyərlər və) nifrətləri daha da artar. Səmada bürclər qoyan və orada yanan çıraq və işıq saçan bir ay yaradan (Allah) əbədi və bərəkətlidir. Yada salmaq və ya şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur. Rəhmanın qulları o kəslərdir ki, yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara (xoşagəlməz) bir söz dedikdə: “Salam!” – deyərlər. Onlar gecələrini Rəbləri üçün səcdədə və qiyamda keçirərlər. Onlar deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən uzaq et ki, onun əzabı ağır və davamlıdır. Həqiqətən, o, pis məskən və pis iqamətgahdır!” Onlar Allah yolunda xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bunların arasında orta bir yol tutarlar. —————————————————————————————- Gecə ilə gündüzün bir-birini əvəzləməsi şükür edənlər üçün bir nemətdir: Bu ayənin təfsirini ehtiva edən bəzi Əhli-beyt (ə) hədislərində belə qeyd edilir: Gecə ilə gündüzün bir-birini əvəzləməsi ona görədir ki, əgər insan bu vaxtların birində Allaha bəndəlik zamanı üzərinə düşən vəzifələrdən hər hansı birinin icrasında laqeydlik edərsə, digərinin vaxtında onun əvəzini yerinə yetirsin. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Gecə hər hansı ibadəti yerinə yetirməsən, gündüz onun qəzasını yerinə yetir. Allah-taala “gecə ilə gündüzü bir-birinin ardınca gətirən”, – deyə buyurmuşdur. Yəni insan gecə yerinə yetirə bimədiyi vəzifəsini gündüz, gündüz yerinə yetirə bilmədyini isə gecə yerinə yetirsin.”[29] Təvazökarlıq imanın açarıdır: Allah bəndəsinin brinci əlaməti özünü onun bütün əməllərində, hətta yol yeriməsində belə göstərən təvazökarlıqdır. Etik vərdişlər özünü hər zaman insanın əməllərində, danışığında və hərəkətlərində göstərir. İnsanın hətta yol yerimə formasından onun əxlaqi keyfiyyətlərinin bəzi cəhətlərini müəyyən etmək olar. Bəli, təvazökarlıq imanın açarıdır. Təkəbbür isə küfrün açarı hesab edilir. Gündəlik həyatımızda müşahidə etdiyimiz, eyni zamanda Quran ayələrindən də oxuduğumuz kimi, təkəbbürlü insanların Allahın təyin etdiyi rəhbərlərin sözlərinə qulaq asmaq istəmədiklərinin, gerçəkləri məsxərəyə qoyduqlarının, halbuki burunlarının ucundan o tərəfi görmədiklərinin şahidi oluruq. Deyilənə görə, Peyğəmbər (s) küçələrin birindən keçərkən bir qrup insanın bir yerdə toplaşdığını görür. Bunun səbəbini soruşduqda onlar deyirlər: Bir dəli var, gülməli davranışları ilə hər kəsin diqqətini özünə cəlb edib. Peyğəmbər (s) onları yanına çağırıb buyurur: “Əsl dəlinin kim olduğunu deməyimi istəyirsinizmi?” Hər kəs susur və bütün varlığı ilə qulaq asır. Peyğəmbər (s) buyurur: “Əsl dəli təkəbbürlə yol yeriyən, dayanmadan o tərəf – bu tərəfə baxan, böyürlərini çiyinləri ilə hərəkət etdirən, insanların xeyrinə ümid bəsləmədikləri, şərindən əmin olmadıqları şəxsdir. Belə bir adam görsəniz, (bilin ki, o,) xəstədir.”, – deyə buyurur”[30]. Gecəni oyaq qalmaq möminin şərəfidir: Bu ayədə Allah bəndələrinin başqa bir xüsusiyyətnə, yəni gecəni oyaq qalmağa işarə edilmişdir. Onlar qafillərin gözlərinin yuxuda olduğu, riya və özünü göstərməyə heç bir imkan olmadığı vaxt yuxunu özlərinə haram edər, Allahı xatırlayar, Onun əzəməti qarşısında qiyam və səcdə edərlər. Hədislərdə də gecəni oyaq qalmaq və gecə namazının fəzilətləri haqqında çox məlumat verilmişdir. İmam Əli (ə) buyurmuşdur: “Gecəni oyaq qalmaq bədənin sağlamlığına, Allahın razılığına, ilahi rəhmətin bəndəyə şamil olmasına və onun peyğəmbərlərin əxlaqını mə mənimsəməsinə səbəb olur.” İmam Sadiq (ə) buyurmuşdur: “Gecə oyaq qalmaqdan əl çəkmə. Çünki bu əməldən məhrum olan şəxs ziyana uğramışdır.”[31] Onlar Allahla yanaşı başqa tanrını çağırmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən şəxs şiddətli əzaba düçar olar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində xar olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlər istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhim­­lidir! Tövbə edib yaxşı iş görən şəxs Allaha doğru qayıtmış olar. Onlar yalandan şahidlik etməz, faydasız bir məclisə rast gəldikdə (oradan) alicənablıqla ötüb keçərlər. Onlara Rəblərinin ayələri xatırlandığı zaman o ayələrə qarşı kar və kor kimi davranmazlar. Onlar deyərlər: “Ey Rəbbimiz! Həyat yoldaşlarımızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et və bizi müttəqilərə imam et!” Onlar səbir etdiklərinə görə Cənnətin yüksək dərəcələri ilə mükafatlandırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar. Onlar orada əbədi qalacaqlar. Ora nə gözəl məskən, necə də gözəl iqamətgahdır! De: “Əgər dua və çağırışınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz (Allahın ayələrni və peyğəmbərləri) yalan saydınız. Ona görə də (əzab sizi) rahat buraxmayacaqdır!” —————————————————————————————— Günahların yaxşı əməllərlə əvəzlənməsi: Bu ayədə tövbənin mühüm təsirlərindən birinə və Allahın tövbə edən şəxsə olan xüsusi diqqətinə işarə edilmişdir. Belə ki, günahkar şəxs tövbə etdikdən sonra Allah lütf və mərhəmət göstərib onun günahlarını silir, əvəzinə yaxşı əməllər yazır. Əbuzərin Peyğəmbərə (s) istinad etdiyi bir hədisdə belə deyilir: “Qiyamət günü bəzi insanları Allahın hüzuruna gətirərlər. Kiçik günahlarını ona göstərib böyük günahlarını gizlədərlər. Sonra onlara “filan vaxt flan yerdə filan (kiçik) günahı etmisən” deyilər. Onlar etiraf edərlər, inkar etməzlər, ancaq ürəklərində böyük günahlarına görə bərk qorxu keçirərlər. Bu vaxt əgər Allah həmin şəxslərə mərhəmət göstərmək istəyərsə, etdikləri günahların əvəzinə ona savab yazılmasını göstəriş verər. Həmin şəxslər deyərlər: “İlahi, biz böyük günahlar etmişik, onları burada görmürük”. Əbuzər sonra belə qeyd edir: Bu vaxt Peyğəmbər (s) gülümsədi, hətta dişləri göründü. Sonra bu ayəni oxudu: “Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər”[32]. Həyat yoldaşlarınızı və övladlarımızı gözlərimizin aydınlıq səbəbi et: Allah bəndələrinin xüsusiyyətlərindən biri budur ki, övladlarının və ailələrinin tərbiyəsinə xüsusi diqqət yetirər, onlar qarşısında çox böyük məsuliyyət daşıdıqlarını düşünərlər. Əlbəttə, burada təkcə bir küncdə oturub dua etmək nəzərdə tutulmamışdır. Əslində, dua onların bu işə istək və şövqünü, bu yolda olan səylərini göstərir. Şübhəsiz ki, bu cür şəxslər övladlarının və ailələrinin tərbiyəsində, onların İslamın əsas prinsipləri və əməli hökmləri ilə tanış olmasında, haqq-ədalət yolunu tutmalarında əllərindən gələni əsirgəmirlər. Allahın bu xalis bəndələrinin ən parlaq addımlarından biri də budur ki, onlar haqq yolunda tək-tənha addımlamaqla kifayətlənməyb, möminlərin öndəri və rəhbəri də olmağa səy göstərir, başqalarını da bu yola çağırmağa çalışırlar. Yaddan çıxarmaq olmaz ki, bu ayələr bütün möminlərin deyil, öndə gedən möminlərin xüsusiyyətlərini bəyan edir. Onlar insan cəmiyyətinin və təqvalı insanların özlərinə örnək hesab etdiklər şəxslərdir. Buna görə də hədislərdə bu ayənin İmam Əli (ə) və Əhl-beyt (ə) imamları haqqında nazil olduğunu görürük. Heç bir şübhə yoxdur ki, sözügedən məsumlar bu ayələrin ən parlaq nümayəndələridirlər. Bu isə ayənin ümumi məzmununa xələl gətirmir[33]. Əgər duanız olmasaydı, qiymətiniz olmazdı: Bu ayəni gördükdən sonra bəziləri belə hesab edə bilər ki, dua etmək asan işdir, hər kəs bunu bacarar, hətta duanın çarəsizlərin işi olduğunu da düşünə bilər. Bu cür düşünən insanların səhvi ondadır ki, onlar duanın şərtlərini unudurlar. Çünki duanın şərtləri nəzərə alınarsa, insanın özünü islah etməsində mühüm rol oynadığı, insanla Allah arasında birləşdirici vasitə olduğu ortaya çıxar. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Dua möminin silahı, dinin sütunu, göylərin və yerin nurudur.” Duanın birinci şərti insanın çağırdığı, dua etdiyi şəxsi tanımasıdır. İkinci şərt insanın öz ruhunu istəklərə hazır etməsidir. Üçüncü şərt çağırdığı şəxsin çağırandan razı olmasıdır. Çünki duanın təsirli olacağı ehtimalı çox aşağıdır. Dördüncü şərt insanın bütün gücünü səfərbər etməsidir. İnsan duaya bütün güc və qüvvəsini səfərbər etdiyi zaman dua etməlidir. Hədislərdə açıq şəkildə qeyd edilir ki, insan edə biləcəyi işdə səhlənkarlıq edib duadan yapışarsa, duası qəbul olunmaz. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Dua qələbə və qurtuluşun açarıdır. Ən yaxşı dua təqvalı insanın pak köksündən və qəlbindən qalxan duadır.”[34] [1] Nümunə, c.14, səh.561 [2] Nümunə, c.14, səh.568 [3] Safi, c.2, səh.451 [4] Nümunə, c.15, səh.3 [5] Nümunə, c.15, səh.7 [6] Üsuli-kafi, c.2, səh.592 [7] Nümunə, c.15, səh.7 [8] Əl-Mizan, c.15, səh.180 [9] Nümunə, c.15, səh.22 [10] Əl-Mizan, c.15, səh.185 [11] Nəhcül-bəlağə, 234-cü xütbə [12] Əl-Mizan, c.15, səh.186 [13] Nümunə, c.15, səh.36 [14] Nümunə, c.15, səh.45 [15] Əl-Mizan, c.15, səh.194 [16] Nümunə, c.15, səh.50 [17] Nümunə, c.15, səh.64 [18] Nümunə, c.15, səh.71 [19] Əl-Mizan, c.15, səh.204 [20] Nümunə, c.15, səh.72 [21] Nümunə, c.15, səh.76 [22] Əl-Mizan, c.15, səh.215 [23] Nümunə, c.15, səh.103 [24] Nümunə, c.15, səh.110 [25] Əl-Mizan, c.15, səh.224 [26] Nümunə, c.15, səh.112 [27] Nümunə, c.15, səh.129 [28] Nümunə, c.15, səh.123 [29] Nümunə, c.15, səh.145 [30] Nümunə, c.15, səh.150 [31] Nümunə, c.12, səh.227 [32] Nümunə, c.15, səh.160 [33] Nümunə, c.15, səh.167 [34] Nümunə, c.15, səh.174

QURANI KƏRIM 09.02.2025

“Nur” surəsi

“Nur” surəsi Rəhman və Rəhim Allahın adı ilə! (Bu,) Bizim nazil edib (əməl edilməsini sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə düşünüb ibrət alasınız. Zinakar qadının və zinakar kişinin hər birinə yüz şallaq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, o ikisinə qarşı şəfqətiniz Allahın hökmünü icra etməyinizə mane olmasın. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun. Zinakar kişi yalnız zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir. İsmətli qadınları (zinada) günahlandırıb, sonra dörd şahid gətirməyən kəslərə səksən şallaq vurun və onların şahidliyini əsla qəbul etməyin. Onlar fasiqlərdir. Bundan sonra tövbə edib özlərini islah edənlərdən başqa. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir. Arvadlarını (iffətsizlikdə) günahlandırıb özlərindən başqa şahidləri olmayanların hər biri doğru danışanlardan olmasına dair dörd dəfə Allahı şahid tutmalıdır. Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” – deməlidir. Qadın da ərinin yalan danışanlardan olduğuna dair dörd dəfə Allahı şahid tutmaqla (zina) cəza(sı)nı ondan (özündən) dəf edə bilər. Beşinci dəfə: “Əgər bu kişi doğru danışanlardandırsa, Allah ona (kişinin dediyi həmin işi görənə, yəni qadının özünə) qəzəb etsin!” – desin. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və hikmət sahibi olmasaydı (sizlərin çoxunuz Allahın lənətinə gələrdiniz). ——————————————————————————————- “Nur” surəsinin ümumi məzmunu: Bu surəni iffət, ismət və cinsi günahlarla mübarizə surəsi hesab etmək olar[1]. 2-9. Ümumi iffəti qorumaq üçün dörd hökm: Bu ayələrdə Allahın dörd hökmünə işarə edilmişdir. Bu hökmlərin mərkəzində zina (bir-birinə məhrəm olmayan qadınla kişinin qeyr-qanuni münasibətləri) durur. Biz burada həmin dörd hökm haqqında ümumi məlumat verəcəyik: Zina etmş kişi ilə qadının cəzasından danışan 2-ci ayə üç əmri ehtiva edir: 1. Zina edən qadınlarla kişilərin cəzalandırılması. Əlbəttə, ümumi səciyyə daşıyan bu hökmün istisnaları da vardır. Zina etmiş evli kişi və ərli qadının cəzası bütün şərtlər daxilində edamdır. 2. Allahın bu qanununu icra edərkən şəfqət və mərhəmət göstərlməməsinə əmr edilir. Əlbəttə, Allahın hökmünü icra edərkən şəfqət və mərhəmət yolverilməz olduğu kimi, ifrata varmaq, kobudluq göstərmək və həddi aşmaq da yasaqdır. 3. Bir qrup möminin cəza meydanında iştirak etməsinə göstəriş verilmişdir. Çünki burada məqsəd təkcə günahkarı cəzalandırmaq deyil, həm də digərlərinin ibrət götürməsidir. Quranda edamın, mütləq, hamının gözü önündə yerinə yetirilməsi əmr edilməmişdir. Ayrı-ayrı şərait və məsləhətlərdən asılı olaraq bəzən üç və ya daha artıq adamın iştrakı kifayət edir[2]. 3-cü ayədə zinakar qadınla zinakar kişinin ailə qurması qadağan edilmişdir. Əlbəttə, hədislərdə bu hökmün həmin əməllə tanınan və tövbə etməyən kişi və qadınlara aid olması qeyd edilmişdir. Yəni bu əməllər ilə tanınmasalar, keçmiş əməllərini tərk etsələr, pak və təmiz olmaq qərarına gəlsələr, tövbələrini əməlləri ilə göstərsələr, onlarla ailə qurmağın heç bir maneçiliyi yoxdur[3]. 4 və 5-ci ayələrdə iftira və böhtanın cəzasından bəhs edilir. Belə ki, əvvəlki ayələrdə zina etmiş kişi və qadınların ağır şəkildə cəzalandırılması bəyan edilmişdir. Bu da təqvasız və qərəzli insanların bu vasitə ilə təmiz insanlara böhtan və iftira atmasına səbəb ola bilər. Buna görə də zina edən kişi və qadınının ciddi şəkildə cəzalandırılacağı bəyan edildikdən sonra bu hökmdən sui-istifadə etmək istəyən iftiraçıların ağır cəzalandırılacağı bildirilmişdir. Bununla da təmiz və iffətli ailələrin heysiyyəti, şərəf və ləyaqəti qorunur və qərəzli insanlar camaatın şərəf və ləyaqətini ləkələməyə cürət etmirlər. Quranda bu cür insanlara 80 şallaq cəza müəyyən edilir, şahidliklərinin qəbul edilməməsi və fasiq kimi tanınmaları elan edilir. İffətli ailələrn qorunması məsələsində göstərilən bu ciddiyyət təkcə bu mövzu ilə məhdudlaşmır, İslam təlimlərinin çoxunda öz əksini tapır. Bütün bunlar İslam təlimlərində imanlı, iffətli kişi və qadınların heysiyyətinin qorunmasına çox böyük önəm verilməsindən xəbər verir. Əlbəttə, bir nəfər başqasına namus böhtanı atarsa, hökmün icrasından sonra tövbə edərsə, böhtan atdığı şəxsdən halallıq alarsa, tövbə ilə şahidliyi gələcəkdə məqbul sayılar və İslamın bütün hökmlərində fasiqlik hökmü onun üzərindən götürülər[4]. 6-9-cu ayələr böhtan mövzusunun istisna və qeydini bəyan edir. Belə ki, ər öz arvadını iffətsizlikdə günahlardırarsa, onun yad bir adamla haram münasibətdə olduğunu iddia edərsə, ona böhtanın cəzası (80 şallaq)  tətbq edilmir. Əlbəttə, onun da iddası dəlilsiz və şahidsiz qəbul edilmr. Çünki onun yalan və ya doğru deməsi məlum deyil. Bu zaman Quran məsələni ən yaxşı və ən ədalətl şəkildə həll edəcək bir yol təklif etmişdir. Bunu da onunla izah edirlər ki, kişinin belə bir hadisəyə susması mümkün deyil, qeyrət buna icazə vermir. Əgər o, hakimin yanına gedib şikayət etsə, dərhal haqqında hökm çıxarılacaq. Çünki hakim onun yalan və ya doğru dediyini bilmir. Əgər dörd şahid tələb etsə, bu mövzu da onun şərəf və ləyaqəti ilə düz gəlməz və bununla da məsələ bitər. Digər tərəfdən, yad insanlar bir-birini daha çox ittiham etdikləri halda, ərlə arvad bir-birini daha az ittiham edir. Əlbəttə, bu hökm qadının əl-qolunu bağlamır, 8 və 9-cu ayələr onun üçün çıxış yolu qoyur. Bu hökmdə həm qadın, həm də kişi İslam hakimi qarşısında Allahı şahd tutduğu, yalan deyəcəyi təqdirdə Allahın lənət və qəzəbini üzərlərinə götürdüyü üçün əksər insanlar belə bir səhv hərəkətə yol vermir[5]. Şübhəsiz ki, o böyük iftiranı atanlar özünüzdən olan bir dəstə idi. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir. Etdikləri bu günahda onların hər birinin öz payı vardır. İçərilərindən günahın böyük hissəsi üzərinə düşən şəxsi böyük bir əzab gözləyir. Nə üçün siz bunu (bu iftiranı) eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biri haqda yaxşı fikirdə olmadılar və “bu, açıq-aydın bir böhtandır!” – demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, etdiyinz bu günaha görə sizə böyük bir əzab yetişərdi. Yadınıza salın, bir zaman siz bu şayiəni bir-birinzin dilindən eşitdiniz, əmin olmadığınız sözü danışdınız və onu əhəmiyyətsiz bir şey hesab etdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: “Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!”– demədiniz? Əgər möminsinizsə, Allah sizə bir daha bu cür hərəkətləri heç vaxt təkrar etməməyi nəsihət edir. Allah ayələri sizə izah edir. Allah biləndir, müdrikdir. Möminlər arasında iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı (böyük bir əzaba düçar olardınız). ————————————————————————————– Allah rəsulunun (s) ailəsinə böhtan atılması və Allahın Peyğəmbər (s) ailəsini müdafiə etməsi: Bu ayələrdə böyük böhtana işarə edilmişdir. Sünni hədislərində böhtan atılan şəxsin Aişə xanım, şiə hədislərində isə onun qibti Mariya olduğu qeyd edilmişdir. Qibti Mariyanı Peyğəmbərə (s) Misir şahı hədiyyə etmişdi. Peyğəmbərin (s) 18 ay yaşayandan sonra vəfat etmiş oğlu İbrahimin anası da məhz Mariya olmuşdur. Hədislərə gəlincə, hər iki məzhəbin hədislərində onları sual altına alacaq məqamlar var. Buna görə də sözügedən hədislərin müzakirəsinə lüzum görmürük. Hədislərin ümumi məzmunundan belə başa düşülür ki, bu ayələrdə işarə edilən iftira Peyğəmbərin (s) ailə üzvlərindən birinə atılmışdır. Bu, Aişə də ola bilər, qibti Mariya da. Ayələrdən göründüyü kimi, bir qrup şəxs Peyğəmbərin ailə üzvlərindən birinə iffətsizlik ittihamı atmış, münafiqlər və qəlbində mərəz olanlar böhtanın insanlar arasında yayılmasında maraqlı olduqları üçün onun yayılmasına köməklik göstərmiş, nəticədə, sözügedən böhtan ağızdan-ağıza dolaşmışdır. Allah-taala bu ayəni nazil edərək peyğəmbərini müdafiə etmiş və şayiə yayanları ciddi şəkildə məzəmmət etmişdir[6]. Böhtan hadisəsi bir tərəfdən acı olsa da, digər tərəfdən faydalı idi: Bu ayədə iffətli bir şəxsə atılmış böhtandan çox narahat olan möminlərə təsəlli verilir: “Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu, sizin üçün xeyirlidir.” Əslində, bu hadisə özlərini müsəlman kimi göstərənlərin çirkin niyyətlərinin üstünü açmışdır. Cəmiyyətin fitnəkar və azğın fərdlərinin tanınması, bu vasitə ilə dürüst insanların daha ayıq olması və cəmiyyətin çirkin üzvlərini islah etməyə başlaması islaholunma yolunu tutmuş bir cəmiyyətin xoşbəxtliklərindəndir[7]. Cəmiyyət arasında çirkin davranışları yaymaq və günah odunu körükləmək: İnsan ictimai varlıq olduğu üçün mənsub olduğu cəmiyyət onun evi, cəmiyyət üzvlərinin namusu onun namusu hesab edilir. Cəmiyyətin təmiz olması fərdin təmiz olmasına, cəmiyyətin günaha bulaşması fərdin bulaşmasına səbəb olur. Bu səbəbdən də İslam ictimai mühiti bulaşdıran hər bir davranışa qarşı qətiyyətlə mübarizə aparır. İslamda qeybətlə mübarizə və eyiblərn örtülməsinə göstəriş verlməsinin bir dəlili də günahın ümumiləşməsinin qarşısını almaqdır. İmam Rza (ə) hədislərinin birində belə buyurmuşdur: “Günahı yayan şəxs xar olar, günahı gizləyən şəxs Allah tərəfindən bağışlanar.” Əvvəlki ayələrdə günahın yayılmasının ciddi şəkildə məzəmmət edilməsinin səbəbi də budur. Ümumyyətlə, günah od kimidir. Bu od cəmyyətin bir yerində şölələnərsə, onu söndürməyə, heç olmasa yayılmasının qarşısını almağa çalışmalıyıq. Əgər odu körükləsək, onu bir yerdən başqa bir yerə daşısaq, od hər tərəfi bürüyəcək və artıq qarşısıalınmaz olacaq. Bundan əlavə, cəmiyyətin zahirini günah çrkabına bulaşmaqdan qorumağın özü fəsad qarşısında bir sədd hesab edilir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Çirkin bir işi yayan şəxs ilk dəfə dünyada bu iiş görən şəxs kimidir.” Bir gün bir nəfər İmam Kazimə (ə) deyir: “Sənə fəda olum, din qardaşlarımdan biri xoşlamadığım bir sözü danışdı. Özündən soruşdum, inkar etdi. Halbuki etimad edilən bir qrup şəxs də bu sözü həmin adama istinad edərək danışır”. İmam (ə) buyurur: “Müsəlman qardaşının qarşısında gözünə və qulağına inanma. Hətta əlli nəfər onun bu işi gördüyünə and içsə, ittiham edilən şəxs həmin işi görmədiyini desə, sən əlli nəfərin deyil, həmin adamın sözünü qəbul et. Onun eyibinin üstünün açılmasına, utanmasına və şəxsyyətinə xələl gəlməsinə səbəb olacaq bir hərəkətini camaat arasında yayma. Yoxsa Allah-taalanın “iyrənc şayiələrin yayılmasını istəyənlər…”, – deyə buyurduğu şəxslərdən olarsan.” Əlbəttə, bu məsələnin məhkəmədə şahidlik etmək və pis işlərdən çəkindirməkdən ötrü bir nəfərin eyiblərinin üstünün açılmasından başqa çarə olmadığı kimi istisnaları vardır[8]. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim Şeytanın izi ilə getsə, (Şeytan onu haqq yoldan sapdırar, çünki o,) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah eşidəndir, biləndir. Aranızdan (mal cəhətdən) üstün olanlar və yaxşı yaşayanlar (mallarını) qohumlar, miskinlər və Allah yolunda hicrət edənlərdən əsirgəməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsiniz? Allah bağışlayandır, rəhmlidir. (Heç bir çirkinlikdən) xəbəri olmayan ismətli mömin qadınları günahlandıranlar dünyada və axirətdə Allahın rəhmətindən uzaqdırlar. Onları böyük bir əzab gözləyir. Həmin gün dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir. O gün Allah onların həqiqi cəzasını tam verəcək və onlar Allahın aşkar haqq olduğunu biləcəklər. Napak qadınlar napak kişilərə, napak kişilər isə napak qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və qiymətli ruzi gözləyir. Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu, sizin üçün daha yaxşıdır. Bəlkə xatırlayasınız. —————————————————————————————— Əgər Allahın lütf və mərhəməti olmasaydı, heç kəs heç vaxt təmizə çıxmazdı: Şübhəsiz ki, insanlar Allahın lütf və mərhəməti sayəsində çirkinlik, azğınlıq və günahlardan xilas olurlar. Belə ki, Allah insanlara həm ağıl, həm peyğəmbərlk nemətini bəxş etmş, həm də vəhy vasitəsilə hökmlərini nazil etmişdir. Bu nemətlərlə yanaşı, tutumu və potensialı olan insanlara qeybdən yardımlar göstərməsi paklanma və təmizlənmənin mühüm amillərindəndir. “Kimi istəsə” ifadəsi Allahın səbəbsiz istəyini ifadə etmir. Bəndələrin öz səy və fəaliyyətləri olmasa, Allah tərəfindən yönləndirmə və nemət də bəxş edilməz. Allah bu yolu istəyən, onda addım atan şəxsin əlindən tutur, şeytanların vəsvəsələrindən qoruyur, mənzil başına çatdırır. Başqa sözlə desək, Allahın lütf və mərhəməti bəzən ixtiyari səciyyə daşıyır, peyğəmbərlərin seçilməsi, səmavi kitabların göndərilməsi, hökmlərin göndərilməsi, müjdə və təhdid vasitəsilə baş verir, bəzən isə ixtiyardan kənar səciyyə daşıyır, ilahi və mənəvi yardımlar vasitəsilə həyata keçir. Ayənin nəzərdə tutduğu sasən ikinci vasitədir[9]. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Heç kəs (təkcə) öz əməli ilə xilas olmayacaq” Hədisin ravisi: “Ey Allahın rəsulu (s)! Hətta siz də?”, – deyə soruşduqda Peyğəmbər (s) buyurur: “Əgər Allah Öz rəhmət və lütfünü mənə şamil etməsə, hətta mən də.”[10] İslama görə cəzalandırmada orta hədd: Bir qrup təfsirçi bu ayənin nazilolma səbəbi haqqında belə yazmışdır: Böhtan hadisəsindən sonra səhabələrin bir dəstəsi qərara gəlir ki, bu hadisədə iştirak edən, böhtanda payı olanlara maliyyə yardımı göstərməsin, heç bir halda onlara qarşı mərhəmətli olmasınlar. Bu ayə nazil olur və onlara bu qədər kəskin mövqedə olmamaq, kəskin mövqedən əl çəkmək və əvf etmək göstəriş verir. Quran həm böhtan atanlara sərt reaksiya göstərir, həm də ifratçıların həddi aşmaması üçün bir-birindən cəlbedici üç kiçik cümlə ilə emosiyalara sərhəd qoyur: Əfv etməyi, güzəştə getməyi əmr edərək ardınca buyurur: “Allahın sizi bağışlamasını istəmirsinizmi?” Elə isə, siz də bağışlamalısınız. Bundan sonra əmri daha da gücləndirməkdən ötrü Allah-taalanın “bağışlayan və rəhmli” olduğu qeyd edilir. Allah-tala bununla insanlara ilahi əmrin hədlərini aşmamağı xatırlatmış olur. Bu hökmün əsl sahibi olan Allah bağışlayan və rəhmlidir. Yardımların kəsilməməsini O əmr edir, sizin bu danışmağınız haradan qaynaqlanır? Şübhəsiz ki, böhtan məsələsində müsəlmanlar arasına təfriqə düşməsi öncədən düşünülmüş bir hiylənin nəticəsi deyildi. Özlərini müsəlman kimi göstərən bəzi insanlar bu işi təşkil etmiş, müsəlmanlardan bir qrupu da bu fitnəyə aldanmışdı. Əlbəttə, hər iki dəstə müqəssir olsa da, onlar arasında fərq var idi, digər müsəlmanlar onların hamısı ilə eyni cür davranmamalı idilər. Bu ayə bütün müsəlmanlar üçün böyük bir dərsdir. Bəziləri günah işlətdiyi zaman cəza tətbiqində həddi aşmaq, onları cəmiyyətdən təcrid etmək, tamamilə tənəzzül etməmələri və düşmən sıralarında yer almamaları üçün bütün qapıları üzlərinə bağlamaq olmaz. Bu ayələr, əslində, İslama xas olan cəzbetmə və dəfetmə balansının bir təsviridir. İnsanların namusuna böhtan atanların ciddi şəkildə cəzalandırılmasından bəhs edən ayələr dəfetməni, əvfdən, bağışlamadan, Allahın bağışlayan və mərhəmətli olmasından bəhs edən bu ayə isə cəzbetməni göstərir[11]. Zinakarla evlənməyin haramlığı: İmam Baqir (ə) və İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə buyurulur: “Bu ayə “zinakar kişi yalnız zinakar və müşrik qadınla evlənsin” ayəsi kimidir. Çünki bir dəstə kişi əxlaqsız qadınlarla ailə qurmaq istəyirdi. Allah-taala bunu onlara qadağan edir və bu işin bəyənilməyən bir iş olduğunu buyurur.”[12] Əgər orada heç kəsi tapmasanız, sizə izn verilməyincə oraya girməyin. “Qayıdın!” – deyilsə, qayıdın. Bu, sizin üçün daha təmizdir. Allah etdiklərinizdən xəbərdardır. Yaşayış olmayan və istifadə edə biləcəyiniz evlərə daxil olmaq sizin üçün günah deyildir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir. Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Bu, onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır. Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Görünən miqdar istisna olmaqla zinətlərini göstərməsinlər; baş örtüklərini sinələrinin üstünə salsınlar (boğazlarını və sinələrini onunla örtsünlər); zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadın dindaşlarından, yaxud sahib olduqları kölələrdən, yaxud qadına meyli olmayan əqli qüsurlulardan, yaxud qadınların ayıb yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha qayıdın ki, nicat tapasınız. ————————————————————————————– 27-28. Evlərə daxil olarkən icazə almağın səbəbi: Şübhəsiz ki, insan fərdi və sosial olmaqla iki yönə malikdir. Buna görə də şəxsi və ümumi olmaqla ikili həyat sürmək məcburiyyətindədir. Bu həyat tərzlərinin hər birinin özünə xas olan xüsusiyyətləri, ədəb qaydaları var. İctimai mühitdə insan geyim, davranış, yol yerimək və sair baxımdan bir çox qaydalara riayət etməlidir. Ancaq bütün gün boyu bu qaydalara riayət etmək yorucu və bezdiricidir. O, sutkanın bir hissəsini azad olmaq, bütün kompleksləri bir kənara qoyub istirahət etmək, ailə üzvləri ilə şəxsi söhbətlər etmək, mümkün olduğu qədər bu sərbəstlikdən faydalanmaq ehtiyacı duyur. Buna görə də şəxsi evinə gedir, qapısını başqalarının üzünə bağlayır, bir neçə saat özünü ictimai həyatdan təcrid edir, ictimai mühitdə qatlaşmaq məcburiyyətində qaldığı komplekslərdən azad olur. Buna görə də bu mühit kifayət qədər sərbəst və əmin-aman olmalıdır. Əgər hər ürəyi istəyən bu mühitə daxil olsa, artıq azadlıq, sərbəstlik, istirahət və rahatlıqdan əsər-əlamət qalmaz. Bu cəhətdən də qeyd olunan məsələ ilə bağlı xüsusi qaydalar mövcuddur. Peyğəmbər (s) kiminsə qapısına gedərkən qapısı ilə üzbəüz dayanmazmış, qapının ya sağ, ya da sol tərəfində durub “əssəlamu ələykum”, – deyə salam verərmiş. Həmin vaxt qapıdan pərdə asmaq hələ adət deyilmiş[13]. Yaşayış olmayan evlər: Yaşayış olmayan evlər deyilərkən qeyri-daimi yaşayış üçün tikilmiş və içində yaşamaq üçün lazımi vasitələri olan evlər nəzərdə tutulur. Buna görə də insanlar həmin evlərdə təbii şəkildə məskunlaşmırlar. Mehmanxanalar, hamamlar, karvansaralar və sairəni buna misal göstərmək olar. Bu binalar ümumi istifadə xarakteri daşıdığı üçün hər kəsin oraya daxil olmasına icazə verilir[14]. 30-31. Hicabın fəlsəfəsi: Çılpaqlıq və cinsi azadlıq adlandırılan müasir dövrdə qərbləşmə xəstəliyinə tutulanlar qadın və kişilərin istənilən komplekssizliyini azadlığın tərkib hissəsi hesab edirlər. Hicabdan danışmaq bu insanların əsla xoşuna gəlmir, bəzən onu keçmişlərə aid əfsanələrin qalıqları hesab edirlər. Ancaq bütün bu qeyd-şərtsiz azadlıqlar sayəsində meydana gələn saysız-hesabsız fəsadlar, gün-gündən artmaqda olan problemlər yavaş-yavaş hicab sözünü dinləmək üçün qulaqlar tapılmasına səbəb olmuşdur. Eşitmə, baxma və toxunma zövqünü və həzzini təmin etmələri üçün qadınlar bütün kişilərin ixtyarına verilməlidir, yoxsa bu zövqlər yalnız onların həyat yoldaşlarına məxsusdur? İslama görə baxma, dinləmə və toxunma da daxil, bütün cinsi zövqlər həyat yoldaşlarına məxsusdur. Bütün bunlar başqaları üçün günahdır. Hicabın fəlsəfəsi elə də müəmmalı bir iş deyil. Çünki: 1. Qadınların çılpaqlığı, bəzənib-düzənməsi, işvəli hərəkətləri və s. kişiləri, xüsusilə gəncləri davamlı təsir altında saxlayır. Bu vəziyyət onların əsəb sisteminə təsir göstərir, əsəb gərginliyi kimi xəstəliklərin yaranmasına, psixoloji xəstəliklərin meydana çıxmasına səbəb olur. 2. Statistika göstərir ki, dünyada çılpaqlığın artması boşanmaların və ər-arvad bağlarının qırılmasının davamlı artımına səbəb olur. 3. Əxlaqsızlığın və qeyri-qanuni uşaqların sayının artması hicabsızlığın acı nəticələrindəndir. Bu acı nəticələr qərb cəmiyyətlərində özünü daha qabarıq şəkildə göstərir[15]. Subay kişilərinzi və subay qadınlarınızı, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar kasıbdırlarsa, Allah Öz lütfü ilə onları ehtiyacsız edər. Allah genişləndirən, biləndir! Evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. (Azad olmaq üçün) yazılı məktub istəyən kölələrinizdə bir xeyir görürsünüzsə, onlarla müqavilə bağlayın. Allahın sizə verdiyi maldan onlara verin. Əgər kənizləriniz pak və ismətli qalmaq istəsələr, dünya həyatının keçici malından ötrü onları öz bədənlərini satmağa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (sonra peşman olsa), Allah onların bu məcburiyyətindən sonra bağışlayan və rəhm­ edəndir. Biz sizə bir çox həqiqətləri bəyan edən ayələr, sizdən əvvəl yaşamış insanlardan bəhs edən əhvalatlar və müttəqilər üçün öyüd-nəsihət nazil etdik. Allah göylərin və yerin nurudur. Allahın nuru, içində çıraq olan bir çıraqdana bənzəyir; bu çıraq ulduz kimi bərq vuran parlaq və şəffaf bir şüşənin içindədir. Bu çıraq nə şərqə, nə də qərbə aid olan mübarək zeytun ağacının yağı ilə yandırılır. (Bu yağ o qədər şəffafdır ki,) od toxunmadan belə, sanki işıq saçır. Nur üstünə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir. (Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. —————————————————————————————- Evlənmək Allahın qanunudur: Sağlam evlənmə insan nəslinin davam etməsi, insanın cismani və ruhani rahatlığını təmin edən, problemlərinin həlli üçün ehtiyac duyduğu, yaradılış qanunu ilə uyğunluq təşkil edən fitri bir qanundur. Yaradılış qanunları ilə uyğunluq təşkil edən İslam dini bu həqqəti maraqlı ifadələrlə bəyan edir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Evlənən adam dininin yarısını qorumuşdur. Digər yarısında isə təqvalı olmalıdır.” Cinsi istək təklikdə digər istəklərə bərabər olan ən güclü və ramolunmaz instinktdir. Bu istək yanlış istifadə insanın imanının yarısının təhlükəyə düşməsinə səbəb olur. Buna görə də aidiyyəti olan ayə və hədislərdə müsəlmanlardan evlənmələri üçün subaylara yardım göstərmələri istənilmişdir. İmam Kazim (ə) Qiyamət günü Allahın ərşinin kölgəsində olacaq üç zümrədən birinin müsəlman qardaşların evlənməsinə yardım göstərən şəxslər olduğunu buyurmuşdur[16]. Bu məsələdə ataların üzərinə daha böyük məsuliyyət düşür. Peyğəmbər (s) buyurmuşdur: “Yetkinlik yaşına çatmış övladını evləndirməyə imkanı çatan valideyn övladını evləndirməzsə, nəticədə övlad günaha düşərsə, etdiyi günah hər ikisinə yazılar.” Subayların evlənməsinə problem yaranmasın deyə mehriyyə və sair evlənmə xərclərinin yüngül tutulmasına göstəriş verilmişdir. Buna görə də hədislərdə mehriyyənin çoxluğu qadının ağırayaqlığı və nəhsliyinin əlaməti hesab edilmişdir. Evlilikdən və ailə qurmaqdan boyun qaçırmaq üçün hamının yeganə bəhanəsi yoxsulluq və imkansızlıq olduğu üçün Quran kasıbçılığın maneə ola bilməyəcəyini, əksinə, onun ehtiyacsızlığa səbəb olacağını açıq şəkildə bəyan etmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Ruzi həyat yoldaşı və ovladla birlikdədir.” Şübhəsiz ki, insani vəzifəsini yerinə yetirmək və öz təmizliyini qorumaq üçün evlənmək istəyən şəxsə Allah yardım edir[17]. Nur ayəsi: Allahın pak və ulu zatını bu dünyanın hiss olunan varlıqlarından hansınasa bənzətmək istəsək, bunun üçün nurdan başqa bir varlıq tapa bilərikmi? Allah dünyaya işıq bəxş edir. Əgər Öz lütfünü bir anlığa kainatdan əsirgəsə, varlıq aləmi fəna və yoxluq zülmətinə qərq olar. Hər bir varlıq Ondan mövqeyinə və münasbət dərəcəsinə uyğun işıq alır. Quran nurdur, çünki Allahın kəlamıdır. Peyğəmbərlər nurdurlar, çünki Allahın elçiləridirlər. Əgər nur sözünü “zatı aşkar olub başqalarını aşkara çıxaran” mənasında götürsək, o zaman nur sözü Allah haqqında işlədilmiş bənzərlik səciyyəsini itirəcək. Çünki kainatda Allahın zatıdan aşkar heç nə yoxdur. Allahdan başqa nə varsa, Onun nuru ilə aşkardır. Quran gözəl bir misalla ilahi nuru izah edir. Belə ki, möminin qəlbindəki iman nuru işıqlı çırağın malik olduğu dörd funksiyaya malikdir: 1. Çıraq möminin qəlbində aşkar olan və ətrafa hidayət nuru yayan iman şölələridr. 2. Şüşə imanı möminin varlığında nizama salan qəlbdir. 3. Çıraqdan möminin sinəsi və ya onu hadisələr girdabından qoruyan şəxsiyyəti və ayıqlığıdır. 4. Mübarək zeytun ağacı möminin imanını şölələndirən və son dərəcə pak olan ilahi vəhydir. Allah göyləri və yeri işıqlandıran nurdur; möminlərin qəlbindən baş qaldırıb onların bütün varlıqlarını işıqlandırır. Onlar özlərinin öz ağılları ilə əldə etdikləri dəlilləri vəhy nuru ilə çulğalaşdırıb “nur üstünə nur”un nümayəndəsinə çevrilirlər. Beləliklə, ilahi nuru qəbul edəcək qabiliyyətə malik qəlb sahibləri hidayət tapır və Allahın “Allah dilədiyini Öz nuruna yönəldir” cümləsində nəzərdə tutduğu şəxslər olurlar. Bu vəhy nuru kin-küdurətlərin yaranmasına səbəb olan şərq və qərb meyillərinin fəsadlarından uzaq tutulmalıdır. Vəhy nuru istənilən sapmadan elə uzaq tutulmalıdır ki, heç nəyə ehtiyac duymadan insan varlığının bütün qüvvələrini səfərbər edərək “od toxunmadan belə, sanki işıq saçır” cümləsinin ehtiva etdiyi subyektə çevrilsin[18]. Ticarət və alış-verişin Allahı xatırlamaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxarlar. (Bu işləri ona görə görürlər) ki, Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın və lütfü ilə mükafatlarını artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir. Susuz insan uzaqdan onun su olduğunu zənn edir, yaxınlaşdıqda isə heç nə tapmır. Əməllərinin yanında hesab-kitabını tam edən Allahı tapar. Allah tez haqq-hesab çəkəndir. Yaxud (onların əməlləri) dərin və böyük bir dənizdə dalğa ilə örtülmüş, dalğa üzərini dalğa, onun üstünü də qara bulud almış qaranlıqlara bənzəyir. Beləliklə, (onların əməlləri) bir-birini örtən qaranlıqlardır! Elədir ki, əgər əlini çıxartsa, onu görməzlər. Allahın nur vermədiyi adamın nuru olmaz. Göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz namazını və tərifini bilir. Allah onların nə etdiklərini bilir. Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Dönüş də Allahadır. Allahın buludları aramla qovduğunu, sonra onları bir-birinə qovuşdurduğunu, sonra da onları bir yerə topladığını görmürsənmi? Sən onun arasından yağmur çıxdığını görürsən. Göydən, oradakı dağlardan (dağlara bənzər buludlardan) dolu yağdırır. İstədiyinə onun vasitəsilə ziyan vurur, istədiyindən də bu ziyanı uzaqlaşdırır. Buludların şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin. ————————————————————————————– Ürəklərin və gözlərin çevriləcəyi gün: Quran ayələrindən belə məlum olur ki, Qiyamət həqiqətlər üzərindəki pərdələrin kənara çəkilərək həqiqətin aşkar olacağı gündür. “Biz pərdəni sənin gözündən kənara çəkdik və bu gün sənin gözün iti görür” ayəsi də bunu təsdiq edir. (Qaf surəsi – 22). Ümumiyyətlə, həmin gün qəlblər və gözlər Allahdan qeyrisinə dikilmiş, Allahı unutmuş və həqiqətin üzərini örtmüş dünya baxışından çevriləcək, başqa bir şəkil alacaq. O gün görmək yalnız iman və ağıl nuru ilə mümkün olacaq. Dünyada bu nuru öz daxillərində qorumuş möminlər onun zahir olmuş işığı ilə öz yollarını tapacaq, Rəblərinin lütf və kəramətinə baxacaqlar. Ayələrin birində Allah-taala belə buyurur: “Bir gün işıqları önlərindən və sağ tərəfindən sürətlə hərəkət edən mömin kişi və qadınlara baxarsan” (Hədid – 12). Başqa bir ayədə belə buyurur: “O gün o üzlər sevinib şadlanar, Rəblərinə baxarlar” (Qiyamət – 22-23). Bu dünyada sözügedən işıqdan məhrum olmuş kafirlər kor olacaqlar. Allah-taala “İsra” surəsinin 72-ci ayəsində belə buyurur: “Bu dünyada kor olmuş şəxs axirətdə də kor olacaq”. Qəlblərin və gözlərin çevriləcəyi gün həm möminlər, həm də kafirlər üçündür. Ancaq ayədə işarə edilən Allah adamları bu çevrilmənin ikinci formasından qorxurlar[19]. 39-40. Səhrada ilğım və ya dənizdə qaranlıqlar: Allah-taala əvvəlki ayələrdə möminlərin vəziyyətinin necə olacağını bəyan etdikdən və onların aqibətnin yaxşı olacağını buyurduqdan sonra bu ayələrdəiki misalla möminlərin vəziyyəti və aqibəti ilə kafirlərin vəziyyəti və aqibətini müqayisə edir. 39-cu ayədə kafirlərin şirkə bulaşmış əməlləri və ibadətləri ilğıma, özləri isə su istəyən, yanındakı şirin və dadlı sudan üz döndərən, onun xeyrini istəyib həmin sudan içməyə dəvət edən rəhbərə baxmayan susuz adama bənzədilir. O, ilğımı su zənn edib ona doğru hərəkət edir. Digər tərəfdən, əməllərin sona yetdiyi ölüm vaxtı belə təsvir edilir: həmin susuz adam ilğımı gördüyü yerə çatdıqda su tapmır, ancaq həmin yerdə onu şirin suya doğru istiqamətləndirən xeyirxah şəxsi görür. Kafirlər Allahı xatırlamaq, onları ilahi nura və xoşbəxtliyə nail edəcək saleh əməllər əvəzinə bütlərə və şirkə bulaşmış əməllərə üz tutur və bu əməllərin onları xoşbəxt edəcəyini düşünürlər. Bu həyat tərzini ömürlərinin sonuna qədər davam etdirirlər, nəhayət ölüm saatları çatır, axirət evinə köçürlər. Həmin gün bütlərdən heç bir əsər-əlamət qalmır, əllərində onları xoşbəxt edəcək hər hansı əməlin olmadığını görür, aqibətlərinin Allahın əlində olduğunu başa düşürlər. 40-cı ayədə kafirlər əməl cəhətdən zülmət qaranlıqlar içində böyük bir dənizdə səfərə çıxmış şəxsə bənzədilmişdir. Dənizin üzərinə qara buludlar və qorxulu dalğalar elə qaranlıq salmışdır ki, günəş, ay və ulduzlar görünmür. Yolçu belə bir qaranlıq içində yol gedir, onu sahilə çıxaracaq heç bir işıq belə görünmür. Günah və cahillik pərdələri də belədir; kafirlərin qəlbini elə bürüyür, onları maarf işığından elə məhrum edir ki, qəlbə işıq düşməsinə az da olsa yer qoymur. (Kafirlərin əməllərinin cəzasının necə olacağı ilə bağlı daha ətraflı məlumat almaq üçün bax: İbrahim surəsi, 18-ci ayə)[20] Mövcudatın Allaha tərif, həmd-səna deməsi: Bu barədə “İsra” surəsinin 44-cü ayəsində məlumat vermişik. Göydəki dağlar: Bu ayədəki “dağlar” sözü ilə bağlı bir neçə fikir mövcuddur. Daha ağlabatanı göydəki bulud topalarının dağlara bənzəməsidir. Aşağıdan onlara baxdıqda onların hamar olması təsəvvürü yaransa da, təyyarə ilə uçanlar buludların dağlar və dərələr, hündür və alçaqlıqlarla müşayiət olundğunu, yerdəki kimi orada da göyün hamar olmadığını öz gözləri ilə görürlər. Buna görə də onların dağ adlandırılması tam yerinə düşür[21]. Allah gecə və gündüzü dəyişir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır. Allah hər bir canlını sudan yaratmışdır. Onların bəzisi qarnı üzərində hərəkət edır, bəzisi iki ayaq, bəzisi də dörd ayaq üzərində yol yeriyir. Allah istədiyini yaradır. Çünki Allah hər şeyə qadirdir. Biz aydınlıq gətirən ayələr nazil etdik. Allah dilədiyini doğru yola yönəldir. “Allaha və Peyğəmbərə inanır, itaət göstəririk!” – deyirlər. Bu iddiadan sonra onlardan bir dəstəsi üz çevirir. Onlar mömin deyillər. Aralarında hökm vermək üçün Allahın və Onun elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Əgər haqlı olsalar, təslim olub sürətlə ona doğru gələrlər. Onların qəlbində xəstəlikmi var? Yoxsa onlar şübhəyəmi düşüblər? Ya da Allahın və Onun elçisinin onlara haqsızlıq edəcəklərindənmi qorxurlar? Xeyr, onlar özləri zülmkarlardır. Aralarında hökm çıxarması üçün Allah və Onun elçisinin yanına çağırıldıqlarında möminlərin sözü ancaq: “Eşidirik və itaət edirik!” – demələridir. Bunlar, məhz həqiqi nicat tapanlardır. Allaha və Onun elçisinə itaət göstərənlər, Allahdan qorxub əmrinə qarşı çıxmaqdan çəkinənlərdir məhz həqiqi qaliblər. Onlar son dərəcə təkidlə Allaha and içdilər ki, əgər sən onlara əmr etsən, onlar, mütləq, (evlərindən) çıxacaqlar (və canlarını ixlas tabağına qoyub təqdim edəcəklər). De: “And içməyin! Səmmiyyətlə itaət göstərin. Allah nə etdiyinizdən xəbərdardır”. —————————————————————————————- Su canlıların ilk maddəsidir: Ayədə “ma” sözü ilə hansı suya işarə edilməsi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. İrəli sürülən fikirlər arasında ikisinin daha düzgün olduğu görünür: 1. Su deyilərkən nütfə nəzərdə tutulur. Bu yozumun problemi bütün canlıların nütfədən yaranmamasıdır. Belə ki, təkhüceyrəli canlılar və bəzi heyvan növləri nütfədən deyil, hüceyrələrin parçalanmasından əmələ gəlir. Bu problem öz həllini iddianın ümumi deyil, növ prinsipinə əsaslanaraq irəli sürüldüyü qənaəti ilə tapa bilər. 2. Su deyilərkən ilk varlığın meydana gəlməsi nəzərdə tutulur. Bəzi hədislərə görə də Allahın ilk yaratdığı varlıq su olmuşdur. Allah insanları daha sonra həmin sudan yaratmışdır. Müasir elmi ehtimallara əsasən də ilk həyat cücərtiləri məhz dənizlərdə meydana gəlmişdir[22]. 47-50. Münafiqlər Allah və Peyğəmbəri (s) qarşısında itaət göstərmək deyil, öz mənfəətlərinin axtarışındadırlar: Təfsirçilər bu ayələrlə bağlı iki nazilolma səbəbi qeyd etmişlər: 1. Minafiqlərdən birinin bir yəhudi ilə mübahisəsi düşür. Yəhudi zahirən müsəlman olan bu münafiqlə mübahisələrinə son qoyması üçün ona Peyğəmbərin (s) yanına getmələrini təklif edir. Lakin o qəbul etmir, əvəzində yəhudi olan Kəb ibn Əşrəfin yanına getmələrini təklif edir. Bəzi hədislərdə yazılanlara görə hətta o, açıq şəkildə bildirir ki, Mühəmməd bizim məsələdə ədalətli davranmaya bilər. Bu ayə nazil olur və bu cür şəxslər ciddi şəkildə məzəmmət edilir. 2. İmam Əli (ə) ilə səhabələrdən biri arasında mübahisə düşür. Mübahisəyə səbəb səhabənin Əlidən (ə) aldığı torpaq sahəsində çoxlu daşların olması olur. Alıcı bunu bəhanə edərək torpaq sahəsini geri qaytarmaq istəyir, ancaq Əli (ə) qəbul etməyib deyir: Mənimlə sənin aranda Allahın rəsulu (s) hökm çıxarsın. Münafiqlərdən olan Həkəm ibn Əbülas alıcıya deyir: Razılaşma. Çünki onun əmisi oğlunun yanına getsən, şübhəsiz ki, onun xeyrinə hökm çıxaracaq. Bu ayə nazil olur və həmin şəxs ciddi şəkildə məzəmmət edilir[23]. Şiələrdən biri İmam Baqirin (ə) yanına gəlib deyir: Əgər borc və irs məsələsi ilə bağlı iki şiə arasında mübahisə yaransa, zalım hökümətin hakiminə müraciət edə bilərlərmi? İmam buyurur: “Xeyr, onun hökmü zalımın hökmüdür. Əgər onun çıxardığı hökm doğru olsa belə, ona əməl etmək haramdır.” Həmin şəxs deyir: Bəs belə olan halda nə edək? İmam buyurur: “Bizim halal və haramlarımızda nəzər sahibi, hökmlərimizdən xəbərdar olan bir həmməzhəbinizin yanına gedin. Onun hökm çıxarmasına razı olun. Çünki mən onu sizin üçün hakim təyin etmişəm. Bu cür adamdan imtina edən şəxs bizdən imtina etmiş kimidir, eyni zamanda sanki Allaha şərik qoşmuşdur.” Bu hədisdən də bütün şərtləri özündə cəm etmiş müctehidin hökmünün eynilə imamların hökmü olduğu qənaətinə gəlirik. Deməli, onların çıxardıqları hökmdən imtina etmək olmaz. Digər tərəfdən isə, bütün şərtləri özündə cəm etmiş müctehiddən başqasının hökmünə tabe olmaq vacib deyil[24]. Həqiqi qalib: Hədislərinin birində İmam Baqir (ə) “bu ayədə Əli (ə) nəzərdə tutulmuşdur”, – deyə buyurmuşdur. Şübhəsz ki, həzrət Əli (ə) ayənin ən bariz nümunəsdir, ancaq bu nümunə ayənin ümumi məzmununa əsla xələl gətirmir[25]. De: “Allaha və Peyğəmbərə itaət edin”. Əgər boyun qaçırsanız, (bilin ki,) o, ancaq öz əməllərinə cavabdehdir, siz də ancaq öz əməllərinizə cavabdehsiniz. Əgər ona itaət etsəniz, doğru yola yönəlmiş olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə ancaq açıq-aşkar çatdırmaqdır. Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd vermişdir ki, onlardan əvvəlkiləri yer üzünün canişinləri etdiyi kimi, onları da yer üzünün hakimləri edəcək, möminlər üçün bəyəndiyi dini möhkəmləndirəcək, qorxularını arxayınçılıq və rahatlıqla əvəz edəcəkdir. (Belə ki,) yalnız Mənə ibadət edəcək və heç nəyi Mənə şərik qoşmayacaqlar. Bundan sonra kafir olanlar fasiqlərdir. Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm edilsin. Kafirlərin yer üzündə Allahın əzabından yaxa qurtara biləcəklərini zənn etmə. Onların məskənləri oddur. Ora nə pis yerdir! Ey iman gətirənlər! Sahib olduğunuz kölələr və həddi-buluğa çatmayan uşaqlarınız üç vaxtda sizdən izn istəsinlər: sübh namazından əvvəl, günorta paltarınızı çıxartdığınız zaman və işa namazından sonra. Bu üç xüsusi vaxt sizin üçündür. Qalan vaxtlarda (onların icazə almadan sizin yanınıza girməsində) sizə və onlara heç bir günah yazılmaz, bir-birinizin ətrafına dolanın. Allah ayələri sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir. ————————————————————————————— İmam Mehdinin (ə) zühur edəcəyi dövr Allah dininin mütləq hakim olacağı və Allaha tam ixlasla ibadət ediləcəyi dövrdür: Təfsirçilər bu ayədə kimlərə işarə edildiyi, hansı hökumətdən danışıldığı ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri ayədə Peyğəmbərin (s) səhabələrinə işarə edildiyini iddia etmişlər. Onlar hesab edirlər ki, Allahın vədi gerçəkləşmiş, möminlər yer üzünə hakim olmuşlar. Bu hökmranlıq özünü Peyğəmbərin (s) vəfatından sonra, Raşidi xəlifələri dövründə İslamın əldə etdiyi güc və qüdrətdə ifadə edir. Bəziləri bu ayənin bütün İslam ümmətinə şamil olduğunu iddia etmişlər. Onlar hesab edirlər ki, hökmranlıq deyilərkən İslam dininin qüdrətinin artması, müsəlmanlar üçün əmin-amanlıq yaranması, Peyğəmbərdən (s) sonra İslam xəlifələrinin hökmranlığı, İslam düşmənlərinin məğlubiyyətə uğraması nəzərdə tutulur. Əhli-beyt imamlarından (ə) təvatür həddə nəql edilmiş hədislərə əsaslanan bir çox təfsirçilər hesab edirlər ki, Allahın vədi deyilərkən həzrət Mehdinin (ə) əli ilə qurulacaq cahanşümul İslam dövləti nəzərdə tutulur. O həzrətin səyi nəticəsində bütün dünya, onu sarmış zülmdən azad olacaq, yerini ədalət tutacaq. Təfsirçilərin irəli sürdüyü fikirlər arasında ən düzü sonuncu fikirdir. Çünki bu ayəni tam şəkildə incələdikdə məlum olur ki, Peyğəmbərin (s) seçildiyi vaxtdan günümüzə qədər qeyd olunan yüksək və müqəddəs xüsusiyyətləri özündə ehtiva edən bu cür pak və təmiz cəmiyyət hələ formalaşmamış, dövlət qurulmamışdır. Allah-taala bu ayədə əməlisaleh möminlərə vəd verir ki, tezliklə sözün əsl mənasında saleh olan, küfr, nifaq və günah ləkəsi olmayan, fərdlərinin inanc və əməllərinə yalnız haqq dinin hakim olduğu, əmin-amanlıq içində yaşayan, daxili və xarici düşmənlərdən qorxusu olmayan bir cəmiyyət gətirəcəkdir. Belə bir cəmiyyət nümunəsi həzrət Mehdinin (ə) zühurundan sonra olacaq. Çünki Peyğəmbər (s) və imamların (ə) belə bir cəmiyyətin təşkil olunacağından bəhs edən təvatür həddə olan hədisləri də ayənin məzmunu ilə üst-üstə düşür. İmam Səccad (ə) bir dəfə bu ayəni oxuduqdan sonra belə buyurmuşdur: “And olsun Allaha! Onlar biz Əhli-beytin şiələridir. Allah-taala bu vədi bizdən olan bir kişi vasitəsilə gerçəkləşdirəcək. O, bu ümmətin Mehdisidir. O, həmin adamdır ki, Allah rəsulu onun haqqında “əgər dünyanın sonuna bircə gün də qalmış olsa belə, Allah həmin günü o qədər uzadacaq ki, nəslimdən mənimlə adaş olan bir kişi qiyam edəcək, yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalətlə dolduracaq”, – deyə buyurmuşdur.”[26] Ata və anaya aid olan xüsusi yerlərə girərkən icazə alınması: İctimai fəsad mənbələrinin, iffət və ismətə zidd olan əməllərin və bu kimi digər fəsadların kökünü kəsmək üçün cəza tədbirlərinin görülməsi və şallaq vurulması kfayət etmir. Onların qarşısı tərbiyəvi üsullarla, mədəni əxlaqi təlimlərlə alınmalıdır. Öncə sağlam mühit yaradılmalıdır. Cəza tədbiri məhz bu amillərlə yanaşı nəzərdə tutulur. Elə buna görədir ki, əslində, iffətdən bəhs edən bu surə zinakar kişi və qadınların şallaq cəzası ilə cəzalandırılmasından başlamış, sağlam ailə vasitələrinin təmin edilməsi, İslam hicabına riayət edilməsi, gözlərin harama baxmasının qadağan edilməsi, uşaqların ata və analara aid olan otaqlara girərkən icazə alması kimi mövzularla davam etdirilmişdir. Xidmətçilər də ev sahibinin otağına daxil olarkən icazə almalıdırlar. Yetkinlik yaşına çatmamış uşaqlara da öyrədilməlidir ki, ən azı üç vaxt icazə almadan ata və analarının otağına daxil olmasınlar. Bəzi sadəlövh psixoloqların iddialarının əksinə olaraq sübuta yetmişdir ki, uşaqlar bu mövzuda çox həssasdırlar. Bəzən elə olur ki, ata və ananın səhlənkarlığı, uşaqların görməli olmayacaqları mənzərə ilə qarşılaşması, bəzən onların əxlaq pozuntusuna, bəzən isə psixoloji xəstəlik tapmasına səbəb olur. Ata və analar bu məsələdə çox ciddi olmalıdırlar, uşaqları otağa girərkən icazə almağa adət etdirməlidirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Uşaq beşikdən sizə baxarkən məbada cinsi əlaqədə olasınız.”[27] Sizin uşaqlar da həddi-buluğa çatanda özlərindən əvvəlkilər izn istədikləri kimi izn istəsinlər. Allah Öz ayələrini sizə belə izah edir. Allah biləndir, hikmət sahibidir. Ərə getməkdən ümidini üzmüş yaşlı qadınlara camaat qarşısında özlərini bəzəmədən paltarlarını çıxarmalarının heç bir günahı yoxdur. Əgər özlərini örtsələr, onlar üçün daha xeyirli olar. Allah eşidəndir, biləndir. Kor, çolaq, bir də xəstəyə (sizinlə oturub çörək yedikləri üçün) günah yazılmaz. Sizin özünüzə də (xüsusi bir icazə olmadan) öz evlərinizdə (övladlarınız və həyat yoldaşlarınızın evləri də sizin eviniz sayılır), yaxud ata­­larınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, ya­­xud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları ixtiyarınızda olan evlərdə, yaxud dostlarınızın evlərində bir yerdə və ya ayrı-ayrılıqda yemək yeməkdə heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və pak bir salamla salamlayın. Allah ayələrini sizə belə izah edir ki, başa düşəsiniz. —————————————————————————————— Yaşlı qadınlar üçün hicab hökmü: Bu qrupun hicab hökmündən istisna edilməsi məsələsi İslam alimləri arasında mübahisə mövzusu deyil. Çünki Quranda bu məsələ aydın şəkildə qeyd edilmişdir. Amma irəli sürülən fikirlər onun xüsusiyyətləri ilə bağlıdır. Bütün fikirlər isə bir həqiqətə işarə edir. O da budur ki, qadınlar elə bir yaş həddinə çatırlar ki, həmin yaş həddində ümumiyyətlə, ailə qurmurlar. Təbii ki, nadir hallar üçün istisnaların olması danılmazdır. Yaşları ötmüş bu qadınlar bədənlərinin icazə verlən miqdarını örtməyə bilərlər. Hədislərdə bu hissələrə müxtəlif ifadələrlə işarələr edilsə də, Quranda üstüörtülü şəkildə onların üst paltarlarını çıxarmalarına açıq şəkildə icazə verildiyinin şahidi oluruq. Buna isə onlar bəzək-düzəkdən istifadə etmədikləri halda icazə verilir. Digər tərəfdən, onlara gizli zinətlərini də örtmələri və diqqət cəlb edən dəbdəbəli paltarlar geyinməmələri də vacibdir[28]. Yemək yeyilməsinə icazə verilən evlər: Bu ayənin bəzi cümlələrinin izah edilməsinə ehtiyac var: 1. “Kor, çolaq, bir də xəstəyə (sizinlə oturub çörək yedikləri üçün) günah yazılmaz.” Mənbələrin yazdığına görə İslamdan əvvəl Mədinə camaatı kor, çolaq və xəstələrə onlarla bir süfrə arxasında oturmağa icazə verməz, onlarla yemək yeməz, buna nifrət edərmiş. Ancaq İslam gəldikdən sonra da bəzi insanların bu cür adamlarla bir yerdə yemək yeməməsinin səbəbi Cahiliyyət dövründə olduğu kmi nifrət deyil, etik və əxlaqi dəyərlər idi. Onlar hesab edirdilər ki, sözügedən şəxslərlə birlikdə yemək yedikləri zaman kor yeməyin yaxşı hissəsini görə bilmədiyi halda, onlar görür, çolaq və xəstə adam geri qaldığı halda, onlar daha tez-tez yeyə bilər ki, bu da onlara qarşı haqsızlıq olar[29]. 2. “Sizin özünüzə də (xüsusi bir icazə olmadan) öz evlərinizdə…, yaxud dostlarınızın evlərində yemək yeməkdə heç bir günah yoxdur.” Bu ayə möminlərə qohumları, ya onlara tapşırılmış evlər və ya dostlarının evlərindəki yeməklərdən onların özlərindən icazə almadan ehtiyac duyduqları qədər israfa yol vermədən yemək icazə vermişdir[30]. Çünki icazə verdikləri təqdirdə hər kəsin yeməyindən yemək icazəlidir. Ev sahibinin razı olacağı ehtimalı da bunun üçün yetərlidir. 3. “Bir yerdə və ya ayrı-ayrılıqda yemək yeməkdə heç bir günah yoxdur.” Mənbələrin yazdığına görə Cahiliyyət dövründə təklikdə yemək yemək ayıb sayılarmış. Hətta bəzən elə olurdu ki, kimsə möhkəm acdıqda yeməyini özü ilə gəzdirib, birlikdə yemək yeyib su içmək üçün adam axtarırdı. Ancaq İslam hər iki formaya icazə verir. Sözügedən ayə bu səbəbdən nazil edilmişdir[31]. Hər hansı evə daxil olduğunuzda özünüzə salam verin: Burada evə daxil olarkən evdə olan hər kəsə salam verilməsi nəzərdə tutulur. Ayədə “ev əhlinə salam verin”, – deyə buyurulmamışdır. Ayə müsəlmanların bir olduğunu çatdırır. Hamı insandır, Allah hamını bir kişi və bir qadından yaratmışdır. Bundan başqa hamısı da mömindir, onların bir yerə toplaşmasına imanları səbəb olmuşdur. Möminlərin iman əlaqəsi ailə və sair əlaqələrdən daha güclü və möhkəmdir[32]. Bəzi təfsirçilər burada sakini olmayan evlərə işarə edildiyini bildirmişlər. Yaxşı olar ki, insan mənzilə daxil olarkən özü-özünə “əssəlamu aləyna və alə ibadillahissalihin” (bizə və Allahın saleh bəndələrinə salam olsun) – deyərək salam versin. Salam haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər “Nisa” surəsinin 86-cı ayəsinə baxa bilərlər[33]. Həqiqi möminlər Allaha və Onun elçisinə iman gətirən, mühüm bir işdə onunla (Peyğəmbərlə) birlikdə olduqları vaxt onun icazəsi olmadan heç yerə getməyən şəxslərdr. Səndən icazə alanlar, həqiqətən, Allaha və Onun elçisinə iman gətirənlərdir. Elə isə əgər onlar bəzi mühüm işlər üçün səndən izn istəsələr, onlardan istədiyin kəsə izn ver və onlar üçün Allahdan bağışlanma dilə. Allah bağışlayandır, rəhimlidir. Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan başqalarının arxasında gizlənib biri digərinin arxasınca qaçanları bilir. Elə isə Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə sarsıdıcı bir əzab üz verməsindən qorxsunlar. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, sizin nə əməl sahibi olduğunuzu və Onun hüzuruna qaytarılacağınız günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. —————————————————————————————– [1] Nümunə, c.14, səh.353 [2] Nümunə, c.14, səh.359 [3] Nümunə, c.14, səh.361 [4] Nümunə, c.14, səh.369 [5] Nümunə, c.14, səh.380 [6] Əl-Mizan, c.15, səh.90 [7] Əl-Mizan, c.15, səh.91 [8] Nümunə, c.14, səh.405 [9] Nümunə, c.14, səh.413 [10] Nümunə, c.14, səh.232 [11] Nümunə, c.14, səh.414 [12] Əl-Mizan, c.15, səh.108 [13] Nümunə, c.14, səh.429 [14] Əl-Mizan, c.15, səh.110 [15] Nümunə, c.14, səh.442 [16] Nümunə, c.14, səh.457-463 [17] Nümunə, c.14, səh.464 [18] Nümunə, c.14, səh.474 [19] Əl-Mizan, c.15, səh.128 [20] Əl-Mizan, c.15, səh.131 [21] Nümunə, c.14, səh.504 [22] Nümunə, c.14, səh.508 [23] Nümunə, c.14, səh.512 [24] Ətyəbül-bəyan, c.9, səh.548 [25] Nümunə, c.14, səh.523 [26] Əl-Mizan, c.15, səh.154 [27] Nümunə, c.14, səh.544-546 [28] Nümunə, c.14, səh.546 [29] Nümunə, c.14, səh.549 [30] Əl-Mizan, c.15, səh.164 [31] Nümunə, c.14, səh.554 [32] Əl-Mizan, c.15, səh.165 [33] Nümunə, c.14, səh.553

QURANI KƏRIM 09.02.2025

Axirət sevinci

Axirət sevinci: “Hər bir şeyin yolu var. Axirətdə sevinməyin yolu isə dörd xislətdir: yetimlərin başına əl çəkmək, dul qadınlara qayğı göstərmək, möminlərin ehtiyaclarını təmin etmək, yoxsullar və səfillərlə məşğul olmaq”” Mələklərin Qiyamətə qədər əfv diləməsi: İmam Sadiq (ə) buyurur: “Kim yoxsul müsəlmana bir köynək geyindirsə, yaxud ona yaşam xərcini təmin edəcək bir şey versə, Allah yetmiş min mələk ayırar ki, Qiyamətə qədər onun üçün əfv diləsinlər”5 Behişt suyu və yeməyi: Allahın rəsulu (s) buyurur: “Kim ac bir mömini doyursa, Allah ona Behişt meyvəsi verər. Kim susuz olana su versə, Allah ona Behişt şərabı verər”” , “Əl-Fəzail” səh. 152. “Əl-Kafi” c. 2, səh. 204-205, “Qürəb əl-əsnad” səh. 57. :

QURANI KƏRIM 08.02.2025

“Muminun” surəsi xülasə təfsiri və tərcüməsi

“Muminun” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Möminlər nicat tapıblar; o kəslər ki, namazlarında müti və təvazökardırlar, o kəslər ki, faydasız, əbəs işlərdən qaçırlar, o kəslər ki, zəkat verirlər, o kəslər ki, öz iffətlərini (cinsi orqanlarını) qoruyurlar, yalnız öz zövcələri və sahib olduqları cariyələrlə münasibətdə olurlar. Onlara görə qınanmazlar. Bundan başqa vasitəyə can atanlar həddi aşanlardır. O kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını  qoruyurlar. Onlardır varis olanlar. Firdovs Cənnətinə varis olanlar orada əbədi qalacaqlar. Biz insanı palçıq şirəsindən yaratdıq. Sonra nütfə halında təhlükəsiz yerdə yerləşdirdik. Daha sonra nütfəni laxtalanmış qan formasına, laxtalanmış qanı çeynənmiş ət parçası formasına, çeynənmiş ət parçasını sümük formasına saldıq, sonra da sümükləri ət ilə örtdük. Sonra ona yeni bir yaranış verdik. Yaradanların ən yaxşısı olan Allah çox böyükdür! Bundan sonra siz, mütləq, öləcəksiniz. Sonra da Qiyamət günü dirildiləcəksiniz. Biz sizin üstünüzdə yeddi yol (göyün yeddi təbəqəsini) yaratdıq. Biz yaratdıqlarımızdan (əsla) xəbərsiz olmamışıq. —————————————————————————————– “Muminun” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları ümumiləşdirərək bir neçə qrupa bölmək olar: 1. Möminlərin xilasına səbəb olan xüsusiyyətlər; 2. Allahın varlıq aləmini sarmış müxtəlif nişanələri; 3. Keçmiş peyğəmbərlərdən bir dəstəsinin başına gələnlər; 4. Təkəbbürlü insanlara məad mövzusu ilə bağlı bəzən sərt ahəngə malik məntiqi dəlillərlə xəbərdarlıq edilməsi; 5. Allahın varlıq aləmi üzərindəki hökmranlığı; 6. Qiyamətin təkrar-təkrar xatırlanması; 7. İnsanın yaranış məqsədinin bəyan edilməsi[1]. Mütilik və təvazökarlıq namazın ruhudur: “Xaşiun” mənası böyük şəxsiyyət və ya həqiqət qarşısında əlamətləri özünü aşkar şəkildə büruzə verən təvazökarlıq göstərmək, ruhən və cismən ədəb nümayiş etdirmək olan “xüşu” sözündəndir. Quran burada namaz qılmağı deyil, namazda müti və təvazökar olmağı möminlərin xüsusiyyətlərindən biri kimi təqdim etmişdir. Bununla da onların namazının ruhsuz və cansız olan söz və hərəkətlərdən ibarət olmadığını başa salmaq istəmişdir. Onlar namaz qılarkən diqqətlərini elə cəmləyirlər ki, Allahdan qeyri nə varsa, hamısından tamamilə təcrid olunur, yalnız Ona bağlanırlar. Fikir və düşüncəyə, Allahla ünsiyyətə elə aludə olurlar ki, bu aludəçilik bütün varlıqlarını əhatə edir. Özlərini sonsuz varlıq qarşısında bir zərrə, ucu-bucağı görünməyən okean qarşısında bir damcı timsalında görürlər. Bir gün Peyğəmbər (s) namaz üstündə saqqalı ilə oynayan bir nəfəri görüb belə buyurur: “Əgər müti olsaydı, bədən üzvləri də müti olardı”. O, bununla təvazökarlığın daxildən baş qaldırıb özünü zahirdə göstərən bir hal olduğuna işarə edir[2]. Peyğəmbər (s) başqa bir hədisində belə buyurmuşdur: “Münafiqlərin təvazökarlığından Allaha sığının”. “Münafiqlərin təvazökarlığı nədir?” – deyə soruşulduğunda buyurmuşdur: “Qəlb deyil, bədənin təvazökar və müti olması”[3]. Namaz və digər ibadətlərdə qəlbin özünü Allahın hüzurunda hiss etməsi, əsl təvazökarlıq və mütilik halı tapmaq üçün aşağıdakılar tövsiyə olunur: 1. Allahla ünsiyyətdə olarkən diqqətin yayınmaması və Allahdan qeyrisinə baxmaması üçün insana dünyanın kiçik, Allahın isə böyük olduğu qənaətini yaradacaq bilgiyə sahib olmaq lazımdır. 2. Fikir dağınıqlığı insanın diqqətini toplamasına mane olur. İnsan dağınıq fikirlərdən nə qədər çox uzaq olarsa, ibadətlərində bir o qədər qəlb özünü Allahın hüzurunda hiss edər. 3. Namaz üçün məkan seçimi də burada rol oynayır. Buna görə də insanın diqqətini yayındıran əşyalar qarşısında namaz qılmaq bəyənilmir. Əslində, müsəlmanların ibadət ocaqları nə qədər sadə və təm-təraqdan uzaq olarsa, o qədər yaxşı olar. Bu boşluq insanın qəlbin özünü Allahın hüzurunda hiss etməsinə yardım göstərir. 4. Günahdan qorunmaq qəlbin özünü Allahın hüzurunda hiss etməsinə hazırlığında böyük rol oynayır. Günah insanın qəlbini Allahdan uzaqlaşdırır. 5. Namazın mənasını bilmək, hərəkət və zikrlərin fəlsəfəsinə varmaq təsir göstərən amillərdəndir. 6. Namazdan əvvəl, namaz əsnasında və ondan sonra müstəhəb buyurulmuş zikrləri demək təsir göstərir. 7. Özünə nəzarət, bu yöndə məşqlər etmək və bunu davam etdirmək ilk başlanğıcda bir anlıq qəlbin özünü Allahın hüzurunda hiss etməsinə səbəb və diqqətin toplanmasına kömək edir. Ancaq bu davranışlarını davam etdirəcəyi təqdirdə insan namazda özünə elə yüksək həddə hakim olar ki, qəlbinin bütün dəliklərini Allahdan qeyrisinə bağlayar[4]. Əbəs və faydasız iş: Əbəs iş heç bir faydası olmayan işə deyilir. Əlbəttə, bu anlayış nisbidr. Çünki hər hansı iş öz-özlüyündə faydalı, başqa işlərlə müqayisədə əbəs ola bilər. Deməli, əbəs və faydasız işlər dini cəhətdən halal oduğu halda axirət faydası olmayan işlərə deyilir. Buna yemək yeməyi misal göstərə bilərik. Yemək ilk baxışda lazım, zəruri və qaçılmazdır. Ancaq yeməkdə məqsəd yalnız ləzzət və zövq almaq olsa, dini cəhətdən əbəs iş hesab edilir. Yemək əbəs olmaqdan o zaman çıxır ki, onda məqsəd güc toplayıb Allaha ibadət etmək olsun. Deməli, vacıb və müstəhəb kontekstindən kənar olan bütün işlər əbəsdir. Bütün işləri, yemək, içmək, yatmaq, ailə qurmaq və sairəni məqsədyönlü və Allahın razılığını qazanmaq niyyəti ilə etməklə müstəhəb əmələ çevirmək olar[5]. Biz göydən müəyyən miqdarda su endirib onu yerdə saxladıq. Biz onu yox etməyə tam qadirik. Sonra onun vasitəsilə sizin üçün xurma və üzüm ağaclarından bağlar göyərtdik. O bağlarda yediyiniz çoxlu meyvələr vardır. Sina dağında bir ağac (zeytun ağacı) bitir. Yeyənlər üçün həm yağ və həm şirə verir. Heyvanlarda da sizin üçün bir ibrət var. Biz onların bətnində olandan sizlərə içirdirik. Sizin üçün onlarda çoxlu faydalar var. Üstəlik onların ətindən də yeyirsiniz. Onlara və gəmilərə minirsiniz. Biz Nuhu öz qövmünə elçi göndərdik. O dedi: “Ey qövmüm! Tək olan Allaha ibadət edin! Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər qorxmur­­sunuz?” Qövmünün kafir zadəganları dedilər: “Bu kişi elə sizin kimi bir insandır və sizə böyüklük etmək istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi, mələklər göndərərdi. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik. Bu cin vurmuş bir adamdır. Odur ki, ona qarşı bir müddət səbirli olun!” (Nuh) dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” Biz Nuha vəhy etdik: “Gəmini hüzurumuzda və vəhyimizə uyğun şəkildə düzəlt. Əmrimiz gəldiyi və təndir qaynadığı zaman hər canlıdan bir cüt (erkək və dişi), daha öncə həlak olacaqları ilə bağlı vəd verilmiş kəslər (arvadın və oğlun) istisna olmaqla, öz ailəni gəmiyə mindir. Zalımlar barəsində Mənə müraciət etmə. Çünki onlar hamısı həlak olacaqlar. ————————————————————————————— Yeraltı su ehtiyatları dünya əhalisi üçün böyük nemətdir: Bildiyimiz kimi, yerin üst qatı sukeçirən və sukeçirməz olmaqla iki təbəqəyə bölünür. Əgər yerin bütün təbəqələri sukeçirən olsaydı, yağış suları tamamilə yerin dərinliklərinə hopardı və yer səthi quruyar, bir damcı belə su tapılmazdı. Əgər yerin bütün təbəqələri sukeçirməz gil olsaydı, bütün yağan yağıntılar yer səthində qalar, bütün yer üzü bataqlığa çevrilər, həyat üçün yararsız olar, həyat mənbəyi olmaq əvəzinə ölüm səbəbinə çevrilərdi. Ancaq Allah-taala yerin üst qatını sukeçirən, alt qatını isə sukeçirməz etmişdir. Nəticədə yağıntılar üst qatdan süzülüb alt qat üzərində toplanır, sonra bu ehtiyatlardan bulaqlar, quyular və kəhrizlər vasitəsilə istifadə edilir. Quyudan çıxardığımız şirin su bəlkə də min illər əvvəl yağmış və yerin dərinliklərinə süzülmüş, xarab olmadan bu günün su ehtiyatına çevrilmiş yağış suyunun damcılarıdır. Allah insanı yaşamaq üçün yaratmış, suyu onun həyat mənbəyinə çevirmişdir. Ondan əvvəl isə bu həyat mənbəyini saxlamaq üçün çox mühüm mənbələr yaratmışdır[6]. Turi-Sina zeytun ağacının bitdiyi məkan: Turi-Sina Sina yarımadasında yerləşən Tur dağıdır. Allah-taala burada zeytunu ona görə Tur dağında bitən ağac kimi təqdim edir ki, Hicaz ərəbləri bu regionun quru çöllərindən keçib şimala doğru üz tutduqları zaman qarşılarına çıxan ilk yer zeytun ağacları bol olan Sina düzü olmuşdur. Xəritəyə baxdıqda bu məsələ daha yaxşı anlaşılır[7]. 19-20. Xurma, zeytun, üzüm: Bu həyat əhəmiyyətli meyvələrin xüsusiyyətləri ilə yaxından tanış olmaq istəyənlər “Nəhl” surəsinin 11-ci ayəsinə baxa bilərlər. Nuhun (ə) əhvalatı: “Hud” surəsinin 37-40-cı ayələrinin məzmunu ilə bu ayənin məzmunu təxminən eynidir. Bu ayənin ehtiva etdiyi nüanslarla daha yaxından tanış olmaq, Nuhun (ə) gəmisinin böyüklüyü, suyun təndirdən qaynaması, daha öncədən həlak olacaqları ilə bağlı vəd verilmiş şəxslər və sair kimi məsələlər haqqında daha ətraflı məlumat əldə emək istəyənlər həmin ayələrə müraciət edə bilərlər. Sən yanında olanlarla birlikdə gəmiyə mindiyin zaman de: “Həmd bizi zalım adamlardan xilas edən Allaha məxsusdur!” De: “Ey Rəbbim! Bizi bərəkətli bir məkanda yerə endir. Sən yerə endirənlərin ən yaxşısısan!” Bunda əlamətlər və ibrətlər vardır. Həqiqətən, Biz sınağa çəkirik. Onlardan sonra başqa bir cəmiyyət meydana gətirdik. Onlara da özlərindən “Allaha ibadət edin! Sizin ondan başqa heç bir tanrınız yoxdur. Məgər qorxmursunuz?” deyən bir elçi göndərdik. Qövmünün kafir olan, axirət görüşünü yalan hesab edən və dünya həyatında firavanlıq nəsib etdiyimiz zadəganları dedilər: “O, sizin kimi bir insandır. Yediyinizdən o da yeyir, içdiyinizdən o da içir. Əgər siz özünüz kimi adi bir insana itaət etsəniz, mütləq, ziyana uğrayarsınız. O, sizə ölüb torpağa və sür-sümüyə çevrildikdən sonra yenidən çıxarılacağınızımı vəd edir? Sizə vəd olunan şey qeyri-mümkündür, qeyri-mümkün! Həqiqətən, bu dünya həyatımızdan başqa heç bir həyat yoxdur; birimiz ölür, digərimiz onun yerini tutur və biz əsla qaldırılmayacağıq. O, yalnız Allaha iftira yaxan bir adamdır. Biz ona inanan deyilik”. (Peyğəmbərləri) dedi: “Ey Rəbbim! Onların məni yalançı saymasına qarşı mənə kömək et!” (Allah) buyurdu: “Tezliklə tutduqları işdən peşman olacaqlar!” Onları qorxunc bir səs haqq olaraq bürüdü. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. (Allahın rəhmətindən) uzaq olsun zalım adamlar! Onlardan sonra başqa-başqa nəsillər yaratdıq. —————————————————————————————– Sınaq Allahın qəti qanunudur: “Həqiqətən, Biz sınağa çəkirik” cümləsinin geniş məzmunu bəlkə də belədir: Biz Nuhun (ə) qövmünü dəfələrlə sınağa çəkdik, onlar sınaqların öhdəsindən gəlmədikləri üçün məhvə məhkum etdik. Cümlənin geniş məzmunu belə də ola bilər: Biz bütün dövrlərin insanlarını sınağa çəkirik. Əvvəlki ayədə söylənilənlər təkcə Nuhun (ə) dövrünün insanlarına deyil, bütün dövrlərin insanlarına aiddir. Hər bir dövrün insanları müxtəlif formalarda sınanılır. Bəşəriyyətin təkamül yolu üzərində tikan olan insanlar sınaqlar vasitəsilə yoldan təmizlənir ki, bəşəriyyət təkamül yolunu davam etdirə bilsin[8]. Möminlərin əmiri İmam Əli (ə) belə buyurmuşdur: “Allah sizə sığınacaq verib, sizə zülmü rəva görməyib. Ancaq sığınacaq veribsə, bu, o demək deyil ki, sizi sınamayacaq. Əzəmətli Allah: “Bunda əlamətlər və ibrətlər vardır. Həqiqətən, Biz sınağa çəkirik”, – deyə buyurmuşdur.”[9] Əlbəttə, Allah-taalanın sınaq formaları fərqlidir. Yoxsulluq, var-dövlət, izzət, zillət, xəstəlik, sağlamlıq və sair, hər biri Allah tərəfindən bir imtahandır. Allah bəndəsi bütün bu vəziyyətlərə şükür və səbir etməli, öz vəzifəsinə əməl etməlidir[10]. Səmud qövmü Nuh qövmündən sonra həlak olmuş qövmdür: Quran Allah-taalanın Nuhdan sonra meydana gətirdiyi, sonra məhv etdiyi qövmün hansı qövm olduğunu, habelə bu qövmün peyğəmbərinin adını qeyd etməmişdr. Çox ehtimal ki, bu qövm Saleh peyğəmbərin (ə) qövmü Səmuddur. Çünki Allah-taala Quranın bir neçə yerində bu qövmdən söz açmış və onların Nuh (ə) qövmündən sonra yaşamış və qorxunc səs bəlasına düçar olmuş qövm olduğunu buyurmuşdur[11]. Dəbdəbəli həyat və onun acı nəticəsi: Bu ayədə naz-nemət içində keçən dəbdəbəli həyatla küfr və Allahla görüşün yalan hesab edilməsi arasında bir əlaqə olduğu vurğulanmışdır. Həqiqətən də belədir. Çünki bu cür həyat sürən insanlar qeyd-şərtsiz azad həyat sürməyə, bütün heyvani ləzzətlərdən azad şəkildə istifadə etməyə meyilli olurlar. Məlumdur ki, Allahın nəzarət etdiyini və böyük Qiyamət məhkəməsini qəbul etmək bu həyat yolu üçün bir maneədir. Bu inanclar həm insanın vicdanını rahat buraxmır, həm də insanların qınaq qapılarını açır. Buna görə də bu cür insanlar Allaha bəndəlik boyunduruğunu birdəfəlik boyunlarından çıxarır, Allahı və məadı inkar edir, əvvəlki ayədə qeyd edildiyi kimi, belə deyirlər: Həyat yalnız bu dünyadan ibarətdir, bundan başqa dünya yoxdur, kim bunun əksini desə, yalançıdır. Fürsəti qənimət saymaq, beş günlük dünyanı kef çəkmək, hər çəməndən bir gül qoparmaq, hər şeydən zövq almaq lazımdır. Onlar bütün çirkin hərəkətlərini bu cür sözlərlə yozurlar. Digər tərəfdən, dəbdəbəli həyata başqalarının hüquqlarını tapdalamadan, başqalarına qarşı zülm və haqsızlıq etmədən nail olmaq mümkün deyil. Peyğəmbərləri və Qiyaməti inkar etmədən yolları hamar olmaz. Məhz elə bu səbəbdəndir ki, bu cür həyat tərzi sürən insanların çoxu hər şeyə arxa çevirir, hər şeyə təhqir və inkar gözü ilə baxırlar. Bu nəfsani istəklərin əsirinə çevrilmiş kor qəlbli yazıqlar Allahın itaət və mərhəmət kölgəsindən çıxıb nəfsani istəklər bütünün köləsinə çevrilirlər. Onlar tənəzzülə uğramış fikirlərə, çirkaba bulaşmış ruhlara, zülmət və qaranlıq çökmüş qəlblərə malikdirlər. Kənardan onların həyatı bəzilərinə cəlbedici görünə bilər, ancaq yaxından çox qorxuncdur. Çünki günahın yaratdığı narahatlıq, nemətlərin itirilməsi və ölüm qorxusu onları daim iztirab təlaşda saxlayır[12]. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar. Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyənlər! Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik – Fironun və onun əyanlarının yanına. Onlar isə təkəbbürlük göstərdilər. Çünki onlar özlərini üstün tutan adamlar idilər. Onlar dedilər: “Tayfaları bizim köləmiz olduğu halda, biz özümüz kimi olan iki insanamı inanacağıq?” Onları yalançı saydılar və nəticədə hamısı həlak oldu. Biz Musaya kitab verdik ki, bəlkə onlar doğru yola yönəlsinlər! Biz Məryəmin oğlunu və onun anasını bir əlamət və nişanə etdik. Onları əmin-aman və su axan hündür bir yerdə yerləşdirdik. Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən sizin etdiklərinizdən xəbərdaram! Sizin bu ümmətinz vahid bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən (əmrimə qarşı çıxmaqdan) qorxun. Lakin onlar təfriqə salıb parçalanma yaratdılar, hər firqə bir yol seçdi. Firqələrin hər biri öz təriqətinə sevinir. Sən bir müddət onları öz cəhalət və qəflətləri içində burax! Yoxsa elə hesab edirlər ki, yardım məqsədilə onlara var-dövlət və övlad verməklə xeyir qapılarını onların üzünə açmağa tələsirik? Xeyr, onlar anlamırlar. Həqiqətən, Rəblərinin qorxusundan əsim-əsim əsənlər, Rəblərinin ayələrinə iman gətirənlər, Rəblərinə şərik qoşmayanlar, —————————————————————————————- Əmin-aman və su axan hündür bir yer: Təfsirçilər bu yerlə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, bura həzrət İsanın (ə) doğulduğu və Şam (Mesopotamiya) şəhərlərindən olan Nasirə şəhəridir. Çünki bu peyğəmbər doğulduğu vaxt onun doğum xəbərini eşidən və gələcəyi barəsində ümumi məlumatlara malik olan bir qrup alim onu aradan götürmək qərarına gəlmişdi. Ancaq Allah onu əmin-aman və nemətləri bol olan br yerdə məskunlaşdırmışdı. Bəziləri həmin yerin Misir olduğunu qeyd etmişlər. Çünki İsa (ə) və anası Məryəm (ə) düşmənlərin əlindən xilas olmaq üçün bir müddət Misirdə yaşamışlar. Bəziləri həmin yerin Dəməşq, bəziləri Rəmələ (Beytül-müqəddəsin şimal-şərq şəhərlərindən biri) olduğunu qeyd etmişlər. Çünki İsa (ə) və anası ömürlərinin bir hissəsini bu şəhərlərdə keçirmişlər. Bu cümlə ilə İsanın (ə) doğulduğu Beytül-müqəddəs düzünə də işarə edildiyini ehtimal etmək olar. Allah-taala bu yeri İsa (ə) və anası üçün əmin-aman, şirin su axan, qurumuş ağacdan xurma bəxş edən bir məkan etmişdir[13]. Əhli-beyt imamlarına (ə) aid olan bəzi hədislərdə bu yerin Nəcəf və Kufə olduğu qeyd edilmişdir[14]. Peyğəmbərlər başqaları kimi yeyib-içsələr də, yedikləri pak və məqsədyönlüdür: Əvvəlki ayələrdə kafirlərin bəhanələrindən birinə işarə edilərək buyurulmuşdur: Nə üçün Allahın peyğəmbəri olduğunu iddia edən bir şəxs başqa insanlar kimi yeyib-içir? Bu ayədə peyğəmbərlərə xitabən belə buyurulmuşdur: “Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün!” Əslində, onlarla digər insanların fərqi bundadır ki, onlar qidanı ehtiyac kimi deyil, təkamül vasitəsi kimi qəbul edirlər. Buna görə də onların yedikləri yalnız pak və təmiz qidalardan olur. Halbuki yeməyi əsas məqsəd edən insanlar bu şərtə riayət etmirlər, pak olub-olmamasından asılı olmayaraq yalnız heyvani istəklərə tabe olurlar. Qidalanmanın insanın ruhiyyəsinə, fərqli qidaların insanların əxlaqına fərqli təsirlər qoyduğunu nəzərə alsaq, “pak yeməklərdn yeyin” və “yaxşı işlər görün” cümlələri arasında əlaqə olduğunu görərik. Hədislərdə var ki, haram yemək duanın qəbul olunmasının qarşısını alır. İslam peyğəmbərinin (s) məşhur bir hədisi bu iddianı təsdiq edir. Bir kişi Peyğəmbərin (s) yanına gəlib deyir: “Duamın qəbul olunmasını istəyirəm”. Peyğəmbər (s) buyurur: “Yeməyini pak et, haram yeməkdən çəkin”[15]. Nadancasına təəssübkeşlik haqq yolunda böyük maneədir: “Firqələrin hər biri öz təriqətinə sevinir” cümləsi mühüm bir psixoloji və ictimai həqiqəti çatdırır. Bu da nadancasına təəssübkeşlikdir. Firqələrin hər biri özü üçün bir yol və ayin seçmiş, beyninin qapısını istənilən fikir üçün bağlamış, beyninə yeni bir şüanın daxil olub, ruhuna bir meh əsib həqiqəti aydınlatmasına icazə vermir. Bu hal eqoizmdən, özünü bəyənməkdən, lovğalıqdan, xudbinlikdən, özünü üstün tutmaqdan qaynaqlanır. Əslində, sözügedən xüsusiyyət həqiqətləri üzə çıxaran ümmətlər arasında vəhdət və birlik yaranmasının qarşısını alan ən böyük maneədir. İnsanın öz firqəsini sevməsi ondan qeyrisinə qarşı biganəliyə və nifrətə səbəb olur. Bəzən iş o yerə çatır ki, insan tutduğu yola müxalif olan bir söz eşitdikdə barmaqlarını qulağına tıxayır, paltarını başına çəkir, adət etdiyinin əksinə olan həqiqəti eşitməmək üçün qaçmağa üz tutur. Belə ki, Allah-taala Nuh (ə) zamanının müşrikləri haqqında belə buyurmuşdur: “Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxadı, paltarlarına büründü, (küfrlərində) israr edib, israrla təkəbbürlülük göstərdilər.” (Nuh-7)[16] İtaət yolunda son dərəcə ciddi-cəhdlə çalışan, bununla belə Rəblərinə qayıdacaqlar deyə qəlbləri qorxu hissi keçirənlər – Məhz bu cür şəxslər yaxşı işlər görməyə tələsər və başqalarından öndə gedərlər. Biz hər kəsə yalnız qüvvəsi çatdığı qədər vəzifə veririk. Dərgahımızda açıq-aydın danışan bir kitab vardır. Onlara zülm olunmaz. Lakin onların qəlbi bu əməl dəftərindən xəbərsizdir. Onların bundan başqa davamlı olaraq yerinə yetirdikləri (pis) başqa işlər də vardır. Nəhayət, onların cah-calal içində yaşayanlarını əzabla yaxaladığımız zaman acı-acı fəryad qopararlar. (Ancaq onlara deyilər:) “Bu gün fəryad qoparmayın! Çünki sizə Bizim tərəfimizdən heç bir yardım göstərilməyəcək!” Ayələrim sizə oxunurdu, siz isə üz çevirib geri dönürdünüz. Onun qarşısında təkəbbürlük edir, gecələr isə yığıncaqlarınızda yaramaz sözlər danışırdınız. Məgər onlar bu söz haqqında düşünmürdülər? Yoxsa onlara ulu babalarına gəlməyən bir şey gəlib? Ya da peyğəmbərlərini tanımayıb buna görə də onu inkar edirlər? Yaxud: “O dəlidir?”– deyirlər. Xeyr, o peyğəmbər onlara haqqı gətirmişdir. Lakin onların çoxu haqqı xoşlamır. Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Ancaq Biz onlara xatırladan Quranı verdik. Onlar isə xatırladandan üz döndərirlər. Yoxsa sən onlardan bir muzd istəyirsən? Hərçənd ki, Rəbbinin (verəcəyi) muzdu daha xeyirlidir. O, ruzi verənlərin ən yaxşısıdır! Sən, həqiqətən də, onları doğru yola çağırırsan. Axirətə inanmayanlar isə bu yoldan çıxırlar. —————————————————————————————- Açıq-aydın danışan kitab: Əməl dəftəri və onun keyfiyyəti haqqında “Kəhf” surəsinin 49-cu ayəsində məlumat vermişik. Burada diqqət yetirilməsi lazım olan məqam kitabın danışması məsələsidir. Kitabın danışması deyilərkən kitabda qeyd edilənlərin heç bir anlaşılmazlıq olmadan elan edilməsi nəzərdə tutulur[17]. Bu ifadə eynilə “filan məktub yetərli dərəcədə aydındır” cümləsinə bənzəyr. Yəni əlavə şərhə ehtiyac yoxdur. Heç bir araşdırmasız özü həqiqətləri bəyan edir[18]. Allahın dini bütün zamanlar üçün bir nemətdir: “Yoxsa onlara ulu babalarına gəlməyən bir şey gəlib?” cümləsində Allah başa salmaq istəyir ki, əgər təkallahlıq inancı, məad, yaxşı işlər görməyə dəvət, təmiz olmağa çağırış təkcə İslam peyğəmbərinə aid olan bir məsələ olsaydı, o zaman “bu deyilənlər yenidir, biz onların altına girə bilmərik, əgər bunlar doğrudursa, bütün insanlara qarşı lütfkar və mərhəmətli olan Allah keçmiş peyğəmbərlərə göndərməyib?” – deyə bəhanə edə bilərdilər. Ancaq Peyğəmbərin (s) dəvətinin məzmunu əsas və prinsip baxımından keçmiş peyğəmbərlərin dəvətinin məzmunu ilə eyndir. Buna görə də onların bəhanələri yersizdir[19]. Əlbəttə, bu da o demək deyil ki, keçmiş xalqların xəbəri olmadığı bütün yeni fikirlər batildir. Məqsəd insanların doğru yola yönəlməsi olduğu üçün ilahi missiyanın bütün insanlara çatdırılmasıdır. Bunun da nəticəsində insanlar doğrunu seçmək imkanı əldə etməlidirlər. Əgər bu missiya keçmiş xalqlara çatdırılmayıb, hər hansı cəmiyyətə çatdırılarsa, şübhəsz ki, yanlışdır[20]. İlahi rəhbərlər insanların tanıdğı şəxslər olmuşdur: Bu ayədə açıq-aydın şəkildə başa düşülür ki, ilahi rəhbərlər insanların yaxşı əməl sahibləri kimi tanıdıqları şəxslər olmuşlar. Çünki tanınmaz şəxslər olsaydılar, bu ayəyə əsasən müxaliflərin əlinə bəhanə düşərdi. Peyğəmbərlərin özlərini tanımaqdılarını bəhanə gətirib onları inkar edərdilər[21]. İslam peyğəmbəri (s) də öz zamanında hamı tərəfindən tanınmış bir şəxs olmuşdur. Mənsub olduğu qəbilə (Qüreyş) və tayfa (Bən-Haşim) əzəmət və şərəfləri ilə tanınmışdır. Peyğəmbərin (s) İbrahimə (ə) qədər uzanıb gedən nəsil şəcərəsi tanınmış və böyük insanlar olmuşdur. Ən önəmlisi isə, o həzrət düzlüyü, dürüstlüyü və əmanətdarlığı ilə şöhrət tapmışdır. Hətta o qədər dürüst və əmanətdər olmuşdur ki, Mühəmmədi-əmin (əmanətdar, etibarlı Mühəmməd) deyə çağırılmışdır[22]. Haqpərəstlik və nəfspərəstlik: Bu ayədə haqpərəstlik və nəfspərəstlik qarşılaşdırılmışdır. Ayədə buyurulur ki, əgər haqpərəstlik nəfspərəstliyə çevrilsəydi, təkcə yer və onun əhalisi deyil, göylər də darmadağın olardı. Bunu anlamaq elə də çətin deyil. Çünki: 1.İnsanların nəfsani istəkləri eyni deyil, adətən aralarında böyük təzadlar olur. Hətta elə olur ki, bir insanın öz nəfsani istəklərində də təzad təşkil olur. Əgər haqq bu istəklərə tabe olarsa, nəticəsi hərc-mərclik, parçalanma və qarşıdurma olar. Hər kəs bir tanrıya ibadət edər. Əgər haqq bu cür istəklərə tabe edilərsə, ayrı-ayrı tanrılar varlığa hakim kəsilərsə, artıq hansı fəsadların baş verəcəyini deməyə lüzum qalmır. 2. İnsanların nəfsinə uymuş istəkləri adətən fəsadlı davranışlara meyilli olur. Əgər insan cəmiyyətlərində bu meyillərə yer verilərsə, nəticəsi fəsaddan başqa bir şey olmaz. 3. Nəfsani istəklərlə müşayiət olunan meyillər hər zaman biryönlü olur, yalnız bir yöndən baxmağı tələb edir, digər yönlər diqqətdən kənarda qalır. Bildiyimiz kimi, ən mühüm fəsad amillərindən biri digər yönlərin diqqətdən kənarda qaldığı biryönlü proqramlardır. Bu ayə bir çox cəhətlərdən “Ənbiya” surəsinin 22-ci ayəsinə bənzəyir. Həmin ayədə Allah-taala belə buyurmuşdur: “Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, o ikisi (yerlə göy) məhv olardı.” Təbii ki, haqq doğru yol kimi birdir. Nəfsani istəklər xəyali tanrılar kimi, çoxdur. Təzad təşkil etdikləri halda haqqa, yoxsa nəfsə tabe olmalıyıq – yerin, göyün və bütün mövcudatın məhvinə səbəb olan nəfsə, yoxsa vəhdət, tövhid, nizam-intizam və birlik rəmzi olan haqqa?[23] Əgər Biz onlara rəhm edib düşdükləri bəlalardan xilas etsək, onlar (ayılmayacaq, əksinə) azğınlıqları içində inadkarlıq göstərib sərgərdan gəzəcəklər. Biz onları əzabla yaxaladıq, ancaq onlar öz Rəblərinə nə boyun əydilər, nə də hüzurunda yalvarıb-yaxardılar. Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman qəfildən məyus olacaqlar. Sizin üçün qulaq, göz və ürəklər yaradan Odur. Siz Ona çox az şükür edirsiniz. Sizi yer üzündə yaradan Odur. Siz Onun hüzuruna toplanılacaqsınız. Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir (Onun işidir). Məgər düşünmürsünüz? Xeyr, onlar da əvvəlki ümmətlərin dedikləri kimi dedilər. Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra bir də qaldırılacağıq?” Bu vəd bizə və atalarımıza öncədən verilmişdir. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyil. De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimindir?” Onlar dərhal: “Allahındır!”– deyəcəklər. De: “Bəs xatırlamayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli ərşin Rəbbi kimdir?” Onlar dərhal: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, (deyin görüm) bütün mövcudatın hökmranlığı əlində olan, sığınacağı olmayanlara sığınacaq verən, Özünün isə sığınacağa ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, sehrləndiyinizi deyirsiniz? (Bütün bunların sehr və ovsun olduğunu deyirsiniz?)” ——————————————————————————————– 76-77. Tərbiyə xarakterli əzablar və təmizlik aparmaq üçün göndərilən əzablar: Bu ayələrdə iki əzab növündən söhbət açılır: 1. Tərbiyə xarakterli əzab:  Bu cəza formasında məqsəd insanların çətinliyə məruz qalıb zəif və aciz olduğunu başa düşməsi, nəticədə, təkəbbür və qürur atından enməsidir. Peyğəmbərin (s) nifrini ilə müşriklərin bir neçə il qıtlıq çəkməsi buna misaldır. Həmin vaxt müşriklər elə vəziyyətə düşdülər ki, adi vəziyyətdə yeyilməyəcək şeyləri yemək məcburiyyətində qaldılar. Bu cür bəlalar insanın əlinin hər yerdən üzülməsinə səbəb olur. Bu da insanın Allaha dönüşündə rol oynaya bilər. 2. Təmizlik işləri aparmaq üçün göndərilən əzablar: Bu əzab növündə məqsəd islaholunmaz insanların yer üzündən silinməsidir. Onların bu həyatda yaşamasına heç bir zərurət qalmadığı üçün insanların təkamül yolundan təmizlənməlidirlər. Bu cəza növünün ən bariz nümunəsi ölümdür. Ölüm vasitəsilə tövbə və qayıdış qapısı insanın üzünə tamamilə bağlanır[24]. Dua zamanı təvazökarlıq və yalvarışın əhəmiyyəti: “İstikanət” sözünün mənası təvazökarlıq[25], “təzərrö” sözünün mənası təvazökarlıqla müşayiət olunan təslimolmadır (yalvarıb-yaxarmaqdır)[26]. Əhli-beyt imamalarına (ə) aid edilən bəzi hədislərdə bu iki sözün əməli nümunəsi göstərilmişdir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “İstikanət təvazökarlığa, təzərro isə yalvarmaq üçün əlləri yuxarı qaldırmağa deyilir.” İmam Sadiq (ə) buyurmuşdur: “İstikanət deyilərkən dua, təzərro deyilərkən namazda əllərin qaldırılması nəzərdə tutulur.” İmam Əli (ə) buyurmuşdur: “Duada təvazökar deyillər. Əgər təvazökar olsaydılar, Allah dualarını qəbul edərdi.”[27] Əlbəttə, bu hədislər ayənin məzmununu məhdudlaşdırmır, əksinə Allah dərgahında necə təvazökar olmağın qaydalarını öyrədir. 84-89. Məadın Allahın mütləq qüdrətə malik olması vasitəsilə sübuta yetirilməsi: Bir neçə ayə əvvəl kafirlərin məadı inkar etməsinə işarə edildi. Quran ayələrindən aydın şəkildə başa düşülür ki, məadı inkar edən müxaliflərin çoxu daha çox cismani məada şübhə etmiş, torpağa dönmüş insanın yenidən həyata qayıdacağına təəccüblə yanaşmışlar. Buna görə də məaddan bəhs edən ayələrin çoxunda Allahın qüdrət məsələsi önə çəkilmişdir. Kainatda olan hadisələrdən nümunələr göstərilmişdir, bununla da ayələri dinləyənlərin ölümdən sonrakı dirilmə ilə bağı təəccüblərinə cavab verilmişdir. Bu ayələrdə də Allahın qüdrətini göstərən üç mövzudan misal göstərilmişdir: 1. Yer və yer əhalisi; 2. Səma və əzəmətli ərş; 3. Yaradılış aləminin idarə edilməsi[28]. Yaddan çıxarmaq olmaz ki, məadı inkar edənlər Allahın varlığına inandıqlarını etiraf edirdilər. Onların inancına görə O, yaranış aləmini yoxdan var edən, rəblər rəbbi, tanrılar tanrısıdır, Ondan qeyri tanrılar Onun yaratdıqlarıdır. Buna görə də sözügedən ayələrdə müşriklərin Allahın varlığına inamı qeyd-şərtsiz fərz edilmişdir[29]. Onlar üçün yeri, göyü, onların arasında olanları yoxluq zülmətindən varlıq işığına gətirməyə qüdrəti çatan varlığın ölənlərin çürümüş sümüklərini yenidən dirildəcəyini söyləmək kifayət idi. “Yasin” surəsinin 77-79-cu ayələrində bu məzmun belə ifadə edilmişdir: “Məgər insan onu nütfədən yaratdığımızı bilmir? O, açıq mübahsəyə qalxdı, Bizə bir məsəl çəkdi, lakin öz yaradılışını unudaraq dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.”[30] Xeyr, Biz haqqı onlar üçün gətirdik. Onlar isə yalan danışırlar! Allah Özünə əsla övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əks təqdirdə tanrıların hər biri öz yaratdıqlarını özü idarə edər və biri digərinə üstün gəlməyə can atardı. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır. O, gizli və aşkarı biləndir. Ona qoşduqları şəriklərdən çox ucadır. De: “Ey Rəbbim! Əgər onlara vəd olunan əzabları mənə göstərəcəksənsə, məni zalım adamların içində qoyma, ey Rəbbim!” Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik. Pisliyi ən yaxşı üsulla dəf et. Biz onların aid etdikləri sifətlərdən daha yaxşı xəbərdarıq. De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!” (Onlar öz yanlış həyatlarını sürdürməyə davam edərlər.) Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə tərk etdiyim yaxşı əməlləri edəm”. Xeyr! Onun bu dedikləri ancaq dildə deyilmiş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər Bərzəx vardır. Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və bir-birindən kömək diləməyəcəklər. Məhz əməlləri ağır gələnlər xilas olanlardır. Əməlləri yüngül gələnlər isə varlıqlarının sərmayəsini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar. Odun yandırıcı şölələri onların üzünü yandıracaq. Orada üzlərinin dərisi dartılacaq. —————————————————————————————- Bərzəx bu dünya ilə axirət arasında bir dünyadır: “Bərzəx” iki predmet arasında pərdə rolu oynayan hər hansı vasitəyə deyilir. Buna görə də bu dünya ilə axirət dünyası arasındakı dünyaya “Bərzəx” deyilir. Bəzən qəbir, bəzən ruhlar aləmi də adlandırılan bu aləmin varlığı haqqında ayə və hədislərdə məlumat verilmişdir. Bir çox ayədə bu mövzuya açıq şəkildə işarə edilmişdir. Bu ayədə də sözügedən aləmdən danışılır. Belə bir dünyanın mövcud olduğunu açıq şəkildə ifadə edən ayələrə şəhidlərin həyatı ilə bağlı ayələri (Bəqərə surəsi-154; Ali-İmran surəsi-169), habelə Firon və tərəfdarları kimi hədlərini aşmış kafirlərin Bərzəxini açıq şəkildə ifadə edən “Ğafir” surəsinin 46-cı ayəsini misal göstərmək olar. Həmin ayədə Allah-taala belə buyurur: “Onları səhər-axşam oda salırlar. Qiyamət qopacağı gün isə, (Allah:) Firon nəslini ən şiddətli əzaba salın!(-deyə əmr verəcək.)” Məlumdur ki, ayədə Firon nəslinin səhər-axşam salındığı od deyilərkən Bərzəx Cəhənnəmi nəzərdə tutulmuşdur. Çünki ayənin sonunda onların Qiyamət əzabına ayrı şəkildə işarə edilmişdir. Bu səbəbdən də təfsirçilərin çoxu burada Bərzəx aləmi və qəbir əzabına işarə edildiyini bildirmişlər. Hədislərdə Bərzəx aləmi və onun xüsusiyyətləri haqqında geniş məlumat verilmişdir. İmam Əli (ə) və İmam Səccada (ə) aid edilən oxşar məzmunlu bir hədisdə belə deyilir: “Qəbir ya Cənnət bağlarından, ya da Cəhənnəm quyularından biridir.” Bədr döyüşündən sonra müsəlmanlar bir quyu qazıb Məkkə müşriklərinin cəsədlərini oraya tökürlər. Peyğəmbər (s) quyunun kənarında dayanıb buyurur: “Ey quyu sakinləri! Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən özüm Allahın verdiyi vədin haqq olduğunu gördüm.” Soruşurlar: Ey Allahın rəsulu! Onlar eşidirlərmi? Buyurur: “Bu gün onlar sizdən daha yaxşı eşidir.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “And olsun Allaha, mən sizin yalnız Bərzəxinizdən qorxuram.” İmam (ə) bununla Qiyamət günü Peyğəmbər (s) və məsum imamların (ə) möminlərə şəfaət edəcəyini, Bərzəx hesabının isə ayrıca olacağını nəzərdə tutmuşdur. İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “And olsun Allaha! Bərzəx dünya ilə axirət arasındakı qəbir, savab və cəza aləmidir.” Bərzəx aləminin necə olduğuna gəlincə isə, alimlər onu belə izah etmişlər: Dünya həyatı sona yetdikdən sonra insanın ruhu maddi cismin xüsusiyyətlərinin bir çoxunun olmadığı zərif bir cisimdə yer alır. Ancaq onda bu dünyadakı maddi cismə aid olan bəzi ünsürlər olduğu üçün tam mücərrəd və tam maddi olmayan, bir növ örtük mücərrədliyinə malik xəyali bir bədəndə qərarlaşır. Hədislərdə qəbrin insanı sıxması deyilərkən maddi bədən deyil, misali bədən nəzərdə tutulur. Çünki öldükdən sonra həmin bədən heç bir hissə malik olmur, bundan başqa, yanma və sair hadisələr nəticəsində tamamilə sıradan çıxa bilər. Əlbəttə, axirət aləmini tam dərk edə bilmədyimiz kimi, Bərzəx aləmini də tam şəkildə dərk etmək bizim üçün mümkün deyil. Çünki bu aləm yaşadığımız dünyanın fövqündə dayanır. Bəzi alimlər onu yuxu vəziyyətinə bənzətmişlər. Doğru yuxular zamanı ruhumuz misali qəlib vasitəsilə bəzi ürək oxşayan mənzərələri görüb zövq alır, bəzən isə qorxulu mənzərələrdən diksinib sərasimə halda yuxudan oyanır. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala möminin ruhunu bədənindən aldıqdan sonra onu dünyadakı qəlibinə bənzər bir qəlibdə qərarlaşdırır.” Hədislərdə öldükdən sonra insanlardan bir sıra məsələlər haqqında soruşalacağından bəhs edilir. Bu da deyilənləri təsdiq edən nüanslardandır. İmam Səccad (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey Adəm övladı! Ölümü unutma! Tezliklə ruhun bədənindən alınacaq və bir məkana köçürüləcəksən… Səni sorğu-suala çəkmək üçün Münkər və Nəkir adlı iki mələk gələcək. İlk soruşacaqları sual Allah haqqında olacaq. Sonra sənə göndərilmiş peyğəmbər, qəbul etdiyin din, oxuduğun kitab, rəhbərliyini qəbul etdiyin imam, sonra ömrünü hansı yola sərf etməyin, var-dövlətini hansı yolla qazanıb nəyə sərf etməyin haqqında soruşulacaq.”[31] Mənim ayələrim sizə oxunmurdumu və siz də onları yalan hesab etmirdinizmi? Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq. Ey Rəbbimiz! Bizi buradan çıxart! Əgər bir də təkrar etsək, həqiqətən də, zalımıq”. (Allah) buyuracaq: “Rədd olun Cəhənnəmə və Mənimlə heç nə danışmayın! Həqiqətən, qullarımdan bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi bağışla, bizə rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!”– deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Nəhayət, bu (məsxərələriniz) Məni yada salmağı belə sizə unutdurdu. Siz onlara gülürdünüz. Ancaq bu gün Mən səbir etdiklərinə görə onları mükafatlandırdım. Onlar uğur qazananlar və xilas olanlardır!” Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az qaldıq. Sən saya bilənlərdən soruş” – deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?” Həqiqi hökmdar olan Allah ucadır! Ondan başqa heç bir tanrı yoxdur. O, şanlı ərşin Rəbbidir. Kim Allahla yanaşı, haqqında heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, hesab-kitabını Rəbbi Özü aparacaq. Şübhəsiz ki, kafirlər nicat tapmayacaqar! De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!” ——————————————————————————— Xoşbəxtlik və bədbəxtlik bizim əməllərimizin, danışıqlarımızın və niyyətlərimizin nəticəsidir: “Şəqvət” və “şəqavət” (bədbəxtlik) sözləri səadət (xoşbəxtlik) sözünün antonimidir. Bədbəxtlik insanın düçar olduğu şər və bəla, səadət isə nemət və yaxşılıq vasitələrinin tam təmin olunmasıdır. Hər halda, bu ikisi yalnız bizim əməllərimizin, danışıqlarımızın və niyyətlərimizin nəticəsidir. Xoşbəxtlik və bədbəxtliyin insanla birgə doğulduğuna inanmaq peyğəmbərlərin çağırışı və bütün rəhbərlərin səyləri ilə ziddiyyət təşkil edən xülyadan artıq bir şey deyil. Bu xülya məsuliyyətdən boyun qaçırmaq, yanlış davranışlara və cinayətkarlıqlara don geyindirmək və məlum olmayanları yozmaq üçün uydurulmuşdur. Buna görə də cəhənnəmlik günahkarlar Allahın bütün bəhanələrə son qoyduğunu, özləri-özlərini bədbəxt etdiklərini və azğın zümrə olduqlarını açıq şəkildə etiraf edirlər[32]. Cəhənnəm sakinlərinin Allah yanında tənəzzülü: “İxsəu” feili adətən iti qovmaq üçün istifadə edilir. İnsana deyildikdə onun xarlığını və cəzaya layiq olduğunu ifadə etmək üçün deyilir[33]. Maraqlıdır ki, cəhənnəmlik insanlar bədbəxtliklərini elə həddə çatdırırlar ki, sonrakı ayədə möminlər tərəfindən “rəhm edənlərin ən yaxşısı” adlandırılan Allah onlara bu ifadə ilə xitab edir. 112-113. Axirətlə müqayisədə dünya ömrünün qısa olması: Ayədə “yer üzündə nə qədər qaldınız?” deyilərkən ölümdən öncəki dünya həyatı nəzərdə tutulur. Allah-taala Cəhənnəm sakinlərindən “yer üzündə nə qədər qaldınız?” – deyə soruşduqda əbədi axirət həyatı, onun nemət və əzabları ilə müqayisədə dünya həyatının çox-çox qısa olduğunu görənlər belə cavab verərlər: “Bir gün, yaxud bir gündən də az qaldıq.” Allah rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Allah cəhənnəmlikləri Cəhənnəmə, cənnətlikləri Cənnətə daxil etdikdən sonra Cənnət sakinlərindən: “Yer üzündə nə qədər qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az”, – deyə cavab verəcəklər. Allah buyuracaq: “Bir gün, yaxud bir gündən də az müddətdə nə yaxşı ticarət etdiniz, rəhmət, razılıq və Cənnət qazandınız. Elə isə burada əbədi qalın”. Cəhənnəm sakinlərindən: “Ey Cəhənnəm sakinləri! Dünyada nə qədər ömür sürdünüz?” – soruşacaq. Onlar deyəcəklər: “Bir gün, yaxud bir gündən də az”. Allah: “Bir gün, yaxud bir gündən də az müddətdə nə pis ticarət etdiniz, odu və Mənim qəzəbimi qazandınız. Elə isə burada əbədi qalın” , – deyə buyuracaq.”[34] Saymağı bacaranlar: Hədislərin birində belə nəql edilir: “Saymağı bacaranlar deyilərkən günləri sayan, saatları hesablayan, etdiyimiz əməlləri yazan mələklər nəzərdə tutulur.”[35] İnsan hədəf və məqsədi olan varlıqdır: Bu ayə Qiyamət, hesab-kitab və əməllərin əvəzinin veriləcəyini ifadə edən ən canlı dəlillərdən biridir. Belə ki, Qiyamət və məad olmasa, dünya həyatı əbəs və mənasız olar. Çünki bü dünya həyatı bütün çətinlikləri, Allahın müəyyən etdiyi bütün proqramları ilə yalnız bir neçə günlük həyat üçün olsa, çox mənasız və puç olar. Bundan əlavə biz varlıq aləminin olduqca heyrətamiz, insanın isə kainatın ən kamil varlığı olmasının şahidiyik. Belə ki, varlıq aləminin ən ali varlığı olan insanın bu qısa ömrü ərzində, doğulduğu gündən öldüyü günə qədər çətinliklər, problemlər içində ömür sürür. İndi adı insan olan bu əzəmətli varlığın əsas hədəfinin bir neçə günlük dünya həyatını yaşamaq, ömrünü çətinliklər içində keçirmək, yeyib-içmək, palar geyinmək, yatmaq, oyanmaq, sonra ölməkdən və hər şeyin sona çatmasından ibarətdirmi? Qeyd olunan şəraitdə yaradılış əbəs olmurmu? Hər hansı ağlı olan varlıq bütün bu nizam-intzamı, möhtəşəmliyi bu cür kiçik hədəfdən ötrü yarada bilərmi?[36] [1] Nümunə, c.14, səh.190 [2] Nümunə, c.14, səh.194 [3] Əl-Mizan, c.15, səh.12 [4] Nümunə, c.14, səh.204 [5] Əl-Mizan, c.15, səh.8 [6] Nümunə, c.14, səh.217 [7] Nümunə, c.14, səh.220 [8] Nümunə, c.14, səh.232 [9] Nəhcül-bəlağə, 102-ci xütbə [10] Ətyəbül-bəyan, c.9, səh.387 [11] Əl-Mizan, c.15, səh.33 [12] Nümunə, c.14, səh.240 [13] Ətyəbül-bəyan, c.9, səh.410 [14] Nümunə, c.14, səh.255 [15] Nümunə, c.14, səh.255 [16] Nümunə, c.14, səh.259 [17] Əl-Mizan, c.15, səh.42 [18] Nümunə. c.14, səh.268 [19] Nümunə. c.14, səh.274 [20] Əl-Mizan, c.15, səh.45 [21] Nümunə, c.14, səh.275 [22] Ətyəbül-bəyan, c.9, səh.430 [23] Nümunə, c.14, səh.279 [24] Nümunə, c.14, səh.288; Əl-Mizan, c.15, səh.50 [25] Əl-Mizan, c.15, səh.49 [26] Nümunə, c.14, səh.287 [27] Əl-Mizan, c.15, səh.51 [28] Nümunə, c.14, səh.298 [29] Əl-Mizan, c.15, səh.57 [30] Ətyəbül-bəyan, c.9, səh.447 [31] Pəyame-Quran, c.5, səh.443 [32] Nümunə, c.14, səh.338 [33] Nümunə, c.14, səh.339 [34] Nümunə, c.14, səh.342 [35] Əl-Mizan, c.15, səh.76 [36] Nümunə, c.14, səh.344

QURANI KƏRIM 08.02.2025

“Həcc” surəsi xülasə təfsiri və tərcüməsi

“Həcc” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey insanlar! Rəbbinizdən qorxun! Çünki Qiyamətin zəlzələsi çox böyük bir şeydr. Onu görəcəyiniz gün süd verən ana südəmər körpəsini unudacaq, hamilə qadın bətnindəkini salacaqdır. Sərxoş olmadıqları halda, insanları sərxoş görəcəksən. Allahın əzabı  şiddətlidir. İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda, Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim onun rəhbərliyi altına keçsə, şübhəsiz ki, onu doğru yoldan çıxardıb yandırıcı Oda sürükləyər. Ey insanlar! Əgər dirilmə barəsində şübhəniz varsa, (yaddan çıxarmayın ki,) Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça çeynənmiş ətdən yaratdıq. (Bütün bunları ona görə dedik ki, hər şeyə qadir olduğumuzu) sizə bəyan edək. İstədiyimizi bətnlərdə müəyyən bir vaxta qədər saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq. Məqsəd sizin yetkinlik yaşına çatmağınızdır. Sizlərdən bəzisi vəfat edir, bəzisi də o qədər ömür sürür ki, ömrünün ən pis mərhələsinə çatır, bildiklərini unudur. Sən yer üzünü quru və cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib göyərir və cürbəcür gözəl bitkilər bitirir. ——————————————————————————— “Həcc” surəsinin ümumi məzmunu: Bu surənin ehtiva etdiyi məzmunları ümumilikdə altı hissəyə bölmək olar: 1. Məadla bağlı çoxlu sayda ayələr; 2. Şirk və müşriklərlə mübarizə; 3. Keçmiş xalqların ibrətamiz taleyi və Allahın onlara göndərdiyi əzabların araşdırılmasına dəvət; 4. Həcc mövzusu; onun İbrahm (ə) zamanından başlayan tarixi; qurbanlıq və təvaf hadisəsi; 5. Zalımlarla mübarizə və hücuma keçmiş düşmənlə müharibə; 6. Həyatın müxtəlif yönlərinə aid öyüd-nəsihətlər, namaz qılmağa, zəkat verməyə, yaxşını işlərə dəvət, pis işlərdən çəkindirmək, Allaha təvəkkül və diqqət yetirməyə stimullaşdırmaq[1]. Qiyamət ərəfəsində baş verəcək böyük zəlzələ: Bu ayədə Allah mömin və kafir, qadın və kişi olmasından, xitabı əyani olaraq eşidib-eşitməməsindən, yaranmış və yaranacaq olmasından asılı olmayaraq bütün insanlara xitab edərək onlara özlərini Allahın qəzəbindən qorumaq göstərişini verir. Kafirlər iman gətirməklə, möminlər dinin əməli məsələlərində Allahın göstərişlərindən çıxmamaqla buna nail ola bilərlər. Ayədə Qiyamət zəlzələsinin böyüklüyü təqvalı olmanın səbəbi kimi təqdim edilmişdir. (Qiyamət zəlzələsi çox böyük olduğu üçün təqvalı olun!) Bu zəlzələnin Qiyamət zəlzələsi kimi təqdim edilməsinin səbəbi onun Qiyamət əlamətlərindən olması ilə bağlıdır. Ayədən belə başa düşülür ki, həmin zəlzələ birinci surun üfürülməsindən əvvəl baş verəcək. Çünki “Zümər” surəsinin 68-ci ayəsində belə buyurulmuşdur: “Sur çalınacaq. Dərhal hamı ayağa qalxacaq və haqq-hesabı gözləyəcək”. Bu zəlzələnin Qiyamətdən əvvəl baş verəcəyini ayədə insanların adi həyatlarını yaşadıqları vaxt qəfildən baş verəcəyini və həyatlarını dəyişəcəyini göstərən məzmunlar ifadə edir. Şübhəsiz ki, bu hadisə birinci surdan əvvəl bütün canlıların ölməsinə səbəb olacaq[2]. Bu ayə Quranın çox ayələrinin ehtiva etdiyi bir həqiqəti ümumi şəkildə ifadə edir; Qiyamət varlıq sistemində güclü dəyişiklik və çevriliş baş verməsi ilə qopacaq, dağlar yerindən oynayacaq, dənizlər bir-birinə qarışacaq, yerlə göy bir-birinə çırpılacaq, yeni dünya başlayacaq, Qiyamət ərəfəsində insanlar bərk qorxuya düşəcək, gözləri ayaqlarının altını görməyəcək[3]. Cismani dirilişə aid iki sübut: Bu ayədə iki məntiqli və qətiyyətli dəlillə cismani dirilişə isarə edilmişdir: 1. Döl və ondan sonrakı mərhələdə baş verən dəyişikliklər, habelə bitkilər göyərərkən torpaqda baş verən dəyişikliklər. Əslində, Allah-taala insanların dünya həyatlarında qarşılaşdıqları, davamlı olaraq öz gözləri ilə gördükləri, ancaq fərqinə varmadıqları diriliş səhnələrini onlara izah etməklə ölümdən sonrakı həyatın nəinki qeyri-mümkün olmadığını, hətta hər gün qarşılaşdıqları hadisələrin bənzəri olduğunu başa salır. Cansız torpağı nütfəyə çevirən, dəyərsiz nütfəni ayrı-ayrı canlanma mərhələsindən keçirən, hər gün ona yeni həyat libası geyindirən, quru və cansız torpağa yenidən həyat bəxş edən, onu başdan-başa yamyaşıl dona bürüyən varlıq insanı yeni həyata qaytarmağa qadir deyilmi?![4] Dölün laxtalanmış qan və çeynənmiş ət mərhələləri: İnsanın bu ayədə qeyd edilmiş yeddi həyat mərhələsindən ikisinə izah verilməsi daha lazımlı görünür. Embrionun üçüncü həyat mərhələsində nütfə laxtalanmış qana çevrilir, malik olduğu hüceyrələr tut dənəsi kimi heç bir formasız bir-birinin yanında qərarlaşır. Qısa müddət keçdikdən sonra dölün ayrı-ayrı nahiyələrə bölünməsinin başlanğıcı hesab edilən bölgü çuxurları meydana gəlir. Dördüncü mərhələdə, yəni çeynənmiş ət mərhələsində döl yavaş-yavaş çeynənmiş bir ət parçası formasını alır. Ancaq bu mərhələdə heç bir üzv bəlli olmur. Qəfildən dölün dərisində dəyişikliklər meydana gəlməyə və yavaş-yavaş bədən üzvləri görünməyə başlayır. Bu mərhələni keçə bilməyən, əvvəlki formasında qalan döllər düşərək həyat səhnəsindən silinir. “Tam bir şəkilə salınmış və ya salınmamış” ifadəsi ilə ola bilsin ki, bu mərhələyə işarə edilmişdir[5]. Bunun səbəbi Allahın haqq olmasıdır. O, ölüləri dirildir və hər şeyə qadirdir. Qiyamət gələcəkdir, onda heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanların hamısını dirildəcəkdir. İnsanlar arasında elələri də vardır ki, heç bir biliyi, doğru yolu göstərən rəhbəri və nur saçan bir kitabı olmadan Allah haqqında mübahisə edir. Onlar (Allahın sözlərinə qarşı) təkəbbür və etinasızlıqla insanları Allahın yolundan sapdırmaq istəyirlər. Onlar bu dünyada rüsvay olacaq, Qiyamət günü isə Biz onlara Cəhənnəm əzabını daddıracağıq. (Onlara deyiləcəkdir:) “Bu, öncədən əllərinizin sizin üçün göndərdiklərinin qarşılığıdır (etdiyiniz əməllərin nəticəsidir). Allah qullarına əsla zülm etməz”. İnsanlardan eləsi də vardır ki, Allaha yalnız dildə ibadət edir. Əgər ona bir xeyir nəsib olsa, rahatlıq tapar. Yox, əgər sınanması üçün bir müsibətə düçar olarsa, dəyişər (küfrə üz tutar). O (şəxs) dünyanı da itirər, axirəti də. Açıq-aşkar ziyan məhz elə budur. O, Allahı qoyub ona heç bir zərər və xeyir verməyəni çağırar. Dərin azğınlıq da elə budur. O, həm də zərəri xeyrindən daha yaxın olana çağırar. O, nə pis rəhbər və köməkçi, nə pis munis və yoldaşdır! Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Allah istədiyini edəndir. Allahın dünyada və axirətdə Öz Peyğəmbərinə köməklik göstərməyəcəyini güman edən şəxs evinin tavanına bir ip salıb özünü assın, sonra da nəfəsini kəssin və baxıb görsün, bu hərəkəti qəzəbini yatırdacaqmı? ————————————————————————————- Məadın (Allahın hüzuruna qayıdışın) baş verəcəyi qətidir: Bu surənin 5 və 6-cı ayələrində məadın baş verəcəyinin mümkünlüyündən, bu ayədə isə onun baş verəcəyinin qətiliyindən bəhs edilir. Allah-taala bu ayədə başa salır ki, ölülərin dirilişi təkcə mümkün hadisə yox, eyni zamanda qəti və qaçılmazdır. Ölümdən sonrakı həyatın mövcudluğuna şübhəsi olanlar bütün ilboyu və hər gün insan və bitkilərin gözləri önündə təkrarlanan oxşar həyat səhnələrinə baxsınlar. Allahın qüdrətinə şübhə edənlər yaranış mərhələlərini düşünsünlər. İnsanlar ilk başlanğıcda torpaqdan yaranmayıblarmı? Buna görə də yenidən torpaqdan qaxlmağın harası təəccüblüdür? Hər il torpağın gözlərimiz önündə öldükdən sonra dirildiyini görmürükmü? Buna görə də öldükdən sonra insanların dirilməsi nə üçün təəccüb doğurmalıdır? Məadın baş verəcəyinə şübhə edənlər bilməlidirlər ki, bu dünyaya hakim olan sistem yaranışın bir məqsədi olduğundan xəbər verir. Yoxsa hər şey əbəs və yanlış olardı. Digər tərəfdən, bir neçə günlük ömrü olan, özü də xoşagəlməzliklər və nakamlıqlarla müşayiət olunan bu həyat yaranışın ali məqsədini əsla təşkil edə bilməz. Buna görə də yaradılışın məqsədi hesab ediləcək geniş və əbədi bir dünya olmalıdır[6]. Üç azğın dəstənin pislənməsi: Surənin 3, 8 və 11-ci ayələri “insanlardan elələri də var” və ya “insanlardan eləsi də var” ifadəsi ilə başlamış, davamında isə üç azğın insan tipindən danışılmışdır. Birinci tip heç bir elm və məlumatları olmadan Allah haqqında mübahisəyə qalxan, cin və insanlardan olmasından asılı olmayaraq, asi şeytanlara tabe olan azğın insanlardır (3-cü ayə). İkinci tip azğınlar birinci qrupun azdırıcı rəhbərlərinə arxalanıb Allahın sözlərinə etinasızlıq göstərən və insanları Allahın yolundan sapdırmaq istəyən insanlardır (8-ci ayə). 11-ci ayədə üçüncü tip azğın insanlardan danışılır. Onlar imanları zəif olan insanlardır. Onlar din və imandan sanki maddiyat əldə etmək üçün istifadə edirlər. Əgər bu məqsəd hasil olsa, dini doğru hesab edir, əks təqdirdə əsassız olduğunu düşünürlər. Bir qrup təfsirçi bu ayənin nazilolma səbəbi haqqında belə yazmışdır: Ara-sıra Peyğəmbərin (s) yanına gələn bir qrup səhra ərəbi var idi. Əgər maddi cəhətdən vəziyyətləri yaxşı olsaydı, atları doğsaydı, oğlan uşaqları olsaydı, sərvətləri və mal-qaraları artsaydı, şadlanar, İslama və Peyğəmbərə (s) etimad və inam göstərərdilər. Ancaq xəstələnsəydlər, qızları olsaydı, var-dövlətləri azalsaydı, qəlbləri Şeytanın vəsvəsəsinə məruz qalar, bütün bu bədbəxtliklərin səbəbini qəbul etdikləri din olduğunu düşünüb ondan üz döndərərdilər. Bu cür insanlar dinə yalnız maddiyyat dəliyindən baxır, onun haqq və doğru olduğunu dünya mənfəətləri ilə ölçürdülər. Dövrümüzdə də sayı çox olan və hər bir cəmiyyətdə mövcud olan insanlar imanları şirkə və bütpərəstliyə bulaşmış insanlardır. Sadəcə, bunların bütü onların həyat yoldaşları, övladları, var-dövlətləri və sərvətləridir. Təbii ki, bu cür inam və etiqad hörümçək torundan da zəif olur[7]. Allahın Peyğəmbərə (s) yardım etməsinə qəzəblənən insanların çıxış yolu: Təfsirçilər dəlil və faktlara əsaslanaraq bu ayə ilə bağlı müxtəlif fikirlər bildrmişlər. Onların arasında daha düzgün nəzərə çarpan fikir budur: Bu ayədə müşrik və kafirlərə bildirilir ki, istər Məkkədə olsun, istərsə də Mədinəyə hicrətindən sonra, bütün peyğəmbərliyi dövründə müşriklər Peyğəmbərə (s) qarşı hiylə və kələk qurmaqdan əl çəkmədilər. Məkkədə onu qətlə yetirmək istədilər, o isə Allahın istəyi ilə xilas olub Mədinəyə hicrət etdi. Bədr və Ühüd kimi müharibələri təşkil edib dəfələrlə İslamı məhv etmək qərarına gəldilər. Ancaq Allah günbəgün İslamın izzət və hörmətini artırdı, Peyğəmbərinə yardım etdi. Buna görə də onların Peyğəmbərə (s) qarşı olan kin-küdurətləri artdı. Allah-taala bu ayədə buyurur ki, əgər qəzəbdən özünüzü həlak etsəniz belə, bütün hiylə və kələkləriniz öz zərərinizə olacaq, Allahın qüdrət və istəyi qarşısında nakam qalacaqsınız[8]. Biz onu (Quranı) beləcə açıq-aşkar ayələr şəklində nazil etdik. Allah istədiyini doğru yola yönəldər. Həqiqətən, Allah iman gətirənlər (müsəlmanlar), yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında Qiyamət günü (haqq ilə batili ayırd edərək) hökm verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Hər şeydən xəbərdardır!) Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmürsənmi? Bir çoxları üçün (kafirlərə) isə əzab qaçılmazdır. Allahın xar etdiyi kimsəni heç kəs yüksəldə bilməz. Allah dilədiyini (məsləhət bildiyini) edər! Bunlar Rəbləri barəsində mübahisə və düşmənçiliyə qalxan iki zümrədir. Onu inkar edənlər üçün oddan paltar biçilmişdir; başlarına qaynar və yandırıcı maye töküləcəkdir. İçləri və dəriləri onunla əriyəcək. Hələ onlar üçün dəmir gürzlər vardır. Cəhənnəmin qəm-qüssəsindən xilas olmaq istədiklərində yenidən oraya qaytarılacaq və (onlara:) “Yandırıcı əzabı dadın!” (deyiləcək). Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar altun və incidən olan bilərziklərlə bəzənəcək, oradakı libasları ipəkdən olacaqdır! —————————————————————————————– Ulduzpərəst və atəşpərəstlər: Ayədə adıçəkilən altı qrupdan ikisi haqqında izahat vermək daha lazımlı görünür. 1. Ulduzpərəstlər: Ayədən onların bəzi səmavi dinlərə tabe olduqları, xüsusilə yəhudilərlə xaçpərəstlər arasında bir mövqe seçdikləri başa düşülür. Bəziləri onları Zəkəriyya oğlu Yəhyanın davamçıları hesab edirlər. Xristianlar arasında o, baptist Yəhya adı ilə məşhurdur. Bəziləri hesab edir ki, onlar həm yəhudi, həm də xristian inanclarının qarışığından bir din yaratmışlar. Buna görə də onların dinini yəhudiliklə xristianlığın sintezi hesab edirlər. Ulduzpərəstlər üçün axar su çox mühüm əhəmiyyət daşıyır. Buna görə də onların çoxu iri çayların sahilində yaşayır. Onların ulduzpərəst adlandırılmasının səbəbi bəzi ulduzlara xüsusi rəğbət bəsləmələri ilə bağlıdır[9]. 2. Atəşpərəstlər: Atəşpərəstlər Zərdüştün davamçılarına deyilir. Onların müqəddəs kitabı Avesta adlanır. Zərdüşütün həyat tarixi və zühur etdiyi zaman çox mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, əlimizdə Zərdüştlə bağlı dəqiq məlumat yoxdur. İskəndərin İrana hücumu zamanı bu dinin tərəfdarlarının müqəddəs kitabı tamamilə məhv edilmişdir. Hətta onun bir vərəqi belə saxlanmamışdır. Sasanilərin hakimiyyəti dövründə kitab yenidən yazılmışdır. Buna görə də onların dininin əsl mahiyyəti haqqında dəqiq məlumata malik deyilik. Dəqiq olan budur ki, atəşpərəstlər dünyanın iki mənbə tərəfindən idarə olunduğuna inanırlar. Bu mənbələrdən biri xeyir, digəri isə şərdir. Birincinin adı Ahura Məzda, ikincisinin adı isə Əhriməndir. Onlardan biri nur, digəri isə zülmətdir. Onların mələklərin müqəddəs olduğuna etiqad bəslədikləri, ancaq bütpərəstlərdən fərqli olaraq onlar üçün büt düzəltmədikləri, təvəssül etmədikləri və onları vasitəçi seçmədikləri də dəqiqdir. Onlar dörd ünsürü, xüsusilə odu müqəddəs hesab etmişlər. Qədimdə atəşpərəstlərin İran, Çin, Hindistan və sair ölkələrdə atəşgahları olmuşdur. Onlar bütün kainatın Ahura Məzdaya aid olduğuna, ümumiyyətlə, dünyanın onun tərəfindən yarandığına inanmışlar. Hədislərdə deyilir ki, onların bir peyğəmbəri olub və onlar həmin peyğəmbəri qətlə yetirib kitabını yandırıblar. Bəzi hədislərə görə Allah onlara peyğəmbər və kitab göndərmiş, onlar isə günaha bulaşdıqları üçün Allahın dinini təhrif edib, özlərindən yeni bir din yaratmışlar[10]. Mövcudatın səcdə etməsi: Quranın ayrı-ayrı ayələrində mövcudatın səcdə etməsindən, Allaha həmd və təriflər deməsindən, namaz qılmasından söhbət açılır və bu dörd ibadət formasının təkcə insanlara məxsus olmadığı, hətta zahirdən cansız görünən varlıqların da bu ibadətlərdə iştirak etdiyi bildirilir. Bu ayəyə əsasən deyə bilərik ki, mövcudat iki formada səcdə edir: ixtiyari və qeyri-ixtiyari (şüurlu və şüursuz). Onların Allahın iradəsi, yaranış qanunları, bu dünyaya hakim olan nizam-intizam qarşısındakı qeyd-şərtsiz səcdəsi və təvazökarlığı bu kainatın bütün zərrələrini əhatə edən qeyri-ixtiyarı və şüursuz səcdədir. Hətta fironların, nəmrudların və inadkar inkarçıların varlığını təşkil edən bütün zərrələr və beyin hüceyrələri də bu qeyri-ixtiyari səcdənin subyektləridr. Bir qrup tədqiqatçı hesab edir ki, dünyanın bütün zərrələri şüur və dərkin müəyyən bir növünə malikdir. Bu dərk sayəsində Allaha həmd və tərif deyir, səcdə edir, namaz qılırlar. (Bax: “İsra” surəsi, 44-cü ayə.) Əgər bu şüur və dərk formasını qəbul etməsək belə, onların yaranış qanunları qarşısındakı təvazökarlıq və itaəti inkaredilməzdir. İxtiyari və şüurlu səcdəyə gəlincə, onda ağıl, şüur, dərk və idrak sahiblərinin Allah qarşısında etdikləri təvazökarlıq nəzərdə tutulur. Burada ortaya belə bir sual çıxır: Əgər bütün mövcudatın ümumi səcdə proqramı insanlara da şamil olursa, nə üçün bu ayədə yalnız bəzi insanların səcdə etdyi qeyd edilir? Bu ayədə səcdənin ixtiyari və qeyri-ixtiyari yönlərinin birlikdə işlədildiyinə diqqət yetirsək, sualın cavabı aydınlaşar. Belə ki, günəş, ay, ulduzlar, dağlar, ağaclar, canlıların səcdəsi deyilərkən qeyri-ixtiyari səcdə nəzərdə tutulur, ancaq insanlara gəldikdə, onun ixtiyari yönü nəzərdə tutulur ki, bəziləri onu yerinə yetirir, bəziləri isə ondan boyun qaçıraraq “bir çoxları üçün (kafirlərə) isə əzab qaçılmazdır” cümləsinin şamil olduğu insanların sırasına daxil olurlar[11]. Onlar pak sözə doğru və Allahın bəyəndiyi yola yönəldilirlər. Kafir olub möminləri Allah yolundan, (habelə) həm yerlilər, həm də gəlmələr üçün bərabər səviyyəli (ibadətgah) etdiyimiz Məscidül-həramdan döndərənlərə və burada haqq yoldan azmaq, zülm və haqsızlığa yol vermək istəyənlərə də şiddətli əzabdan daddıracağıq! (Xatırla!) Bir zaman evin yerini İbrahim üçün hazırlayıb: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku edən və səcdəyə qapananlar üçün (bütlərdən və bütün çirkablardan) təmizlə!” (-deyə buyurmuşduq). İnsanları həccə çağır ki, onlar sənin yanına hər cür uzaq yollardan piyada və arıq dəvələr üstündə gəlsinlər, özlərinə aid olan müxtəlif faydaların şahidi olsunlar və məlum günlərdə (qurban kəsərkən) onlara verilmiş heyvanların (başı) üzərində Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin! Sonra günahlarını yusunlar, nəzirlərini yerinə çatdırsınlar və dəyərli Kəbə evinin ətrafına fırlansınlar. (Həcc ayinləri) bunlardır! Hər kim ilahi proqramlara hörmət etsə, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu) sizə oxunanlar istisna olmaqla heyvanlar sizə halal edilmişdir. Murdar bütlərdən qorunun, yalan söz­­lərdən də çəkinin. ————————————————————————————- Məscidül-həramda hamının bərabər olması: Təfsirçilər “həm yerlilər, həm də gəlmələr üçün bərabər səviyyəli (ibadətgah) etdiyimiz” cümləsi ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Bəziləri hesab edir ki, cümlədə tövhid mərkəzində ibadət edərkən hər kəsin bərabər olması nəzərdə tutulur. Yəni həcc əməlini yerinə yetirərkən və Kəbə evinin yanında ibadət edərkən heç kəsin başqasına mane olmağa haqqı çatmır. Bəzləri bu cümlənin daha geniş məzmun ifadə etdiyini bildirirək belə demişlər: İnsanlar təkcə ibadət mərasimlərində deyil, istirahət və digər ehtiyaclarını təmin etmək üçün Məkkə ətrafında olan ərazilərdən və evlərdən istifadə zamanı da bərabərdirlər. Buna görə də bəzi fəqihlər Məkkənin evlərinin alqı-satqısını və kirayəyə verilməsini haram edərək fətvalarını bu ayə ilə əsaslandırmışlar. Hədislərdə də zəvvarların Məkkə evlərində məskunlaşmasının qarşısının alınması qadağan edilmişdir. Bəzi hədislərdə bu davranış haram, bəzilərində isə məkruh əməl kimi təqdim edilmişdir. Əlbəttə, fiqhi mənbələr, hədislər və təfsir baxımından bu məsələ qəti olmadığı üçün onun haram olması hökmünü vermək çox çətindir[12]. “Kəbə evinin yerinin İbrahim üçün hazır edilməsi” deyilərkən nə nəzərdə tutulur? Hədislərdə yazılanlara görə Allah Adəmin zamanında tikilmiş, Nuhun tufanında dağılmış Kəbə evinin yerini İbrahimə (ə) göstərmişdir. Külək qopmuş, torpaq göyə sovrulmuş və evin sütunları görünmüşdü; bulud gəlmiş və həmin yerə kölgə salmışdı. Hər halda, evin yeri İbrahimə göstərilərək hazır edilmiş, o da oğlu İsmaıl ilə onu yenidən tikmişdir[13]. Ayədə təvaf edənlər, qiyam edənlər, rüku edənlər və səcdə edənlər ifadələri yanaşı işləndiyi üçün Allah evinin yanında edilən ən böyük ibadətin bu dörd ibadət forması olduğunu hesab etmək olar[14]. İstər piyada olun, istərsə də süvari, həccə gedin: Ayədə piyadaların süvarilərdən əvvəl qeyd edilməsi Allah dərgahında onların məqamının üstün olmasına işarədir. Çünki onlar bu yolda daha çox əziyyət çəkirlər. Belə ki, hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Həccə piyada gedənin hər addımına yeddi yüz savab verilər, süvarlərin hər addımına isə yetmiş savab.” Bu ifadə Allahın evini ziyarət etməyin mühüm əhəmiyyət daşıdığına da işarə ola bilər. Yəni bu yolda bütün imkanlardan istifadə edilməlidir və hər zaman minik gözləmək lazım deyil. “Arıq” deyiləkən keçdiyi çöllər yandırıcı, quru, susuz və ot-ələfsiz olduğu üçün bu yolun minikləri arıqlatdığı nəzərdə tutulur. Ola bilər ki, bu ifadə ilə səfərin çətinliyinə və yaxud da səfər üçün daha çevik, dözümlü və sınaqdan çıxmış, sınaq meydanında arıqlamış, əzələləri möhkəmlənmiş heyvanların seçilməsinin zəruriliyinə işarə edilmişdir. Bu yolda yaxşı bəslənmiş heyvanlar kara gəlmir. Əlbəttə, naz-nemət içində bəslənən insanlar da bu yolun adamı deyillər[15]. Həccin faydaları: Ayədə “faydalar” ifadəsi ilə bağlı heç bir məhdudiyyət yoxdur və o, bütün faydaları, mənəvi bərəkətləri, maddi nəticələri, fərdi və sosial faydaları, siyasi, ictimai, iqtisadi və əxlaqi fəlsəfələri ehtiva edir. Sinfindən və mövqeyindən asılı olmayaraq müsəlmanlar dünyanın bütün nöqtələrindən oraya axışsınlar və qulaqları ilə eşitdiklərini gözləri ilə görsünlər. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “O, həm dünyəvi, həm də axirət faydalarını ehtiva edir.”[16] Məlum günlər: Əhli-beyt (ə) hədislərinə əsasən məlum günlər deyilərkən zilhiccə ayının 10, 11, 12 və 13-cü günləri nəzərdə tutulur. Heyvanlar üzərində Allahın adının çəkilməsi deyilərkən qurban kəsərkən Allahın adının çəkilməsinə işarə edilir. Bu əməl qoyun və dəvəni bütlərə qurban edən müşriklərin əməllərindən fərqlənir[17]. Hamınız Allah üçün xalis və səmimi olun (və həmin halda həcc ayinlərini yerinə yetirin), Ona əsla şərik qoşmayın! Kim Allaha şərik qoşsa, elə bil, göydən düşər, quşlar onu qapar, yaxud külək onu sovurub uzaq bir yerə atar. Budur (həcc ayinləri)! Hər kim Allahın nişanələrinə hörmət etsə, (bilsin ki,) bu, qəlblərin təqvasının əlamətidir. Onlarda (qurbanlıq heyvanlarda) sizin üçün müəyyən bir vaxta (qurbanlıq gününə) qədər mənfəət vardır. Sonra onların kəsiləcəyi yer qədim və qiymətli evin (Kəbənin) yaxınlığındadır. Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, ruzi verdiyimiz heyvanların üzərində (qurban kəsərkən) Allahın adını çəksinlər. Sizin tanrınız tək olan tanrıdır. Onun qarşısında təslim olun. Sən təslim olanlara və müti olanlara müjdə ver. O kəslərə ki, Allah anıldığı zaman qəlbinə qorxu düşər, başına gələn müsibətlərə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Biz kök dəvələri də sizin üçün Allahın (dininin) nişanələrindən etdik. Onlarda sizin üçün xeyir vardır. Sıra ilə düzüldükləri halda (kəsərkən) üzərlərində Allahın adını çəkin. Böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə ram etdik ki, bəlkə Allaha şükür edəsiniz. Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bunları sizə beləcə ram etdi. Yaxş işlər görənləri müjdələ! Allah iman gətirənləri müdafiə edir. Allah heç bir nankor xaini sevmir. ————————————————————————————– Şirk tövhid səmasından enməkdir: Ayədə səma deyilərkən tövhid nəzərdə tutulur, şirk bu səmadan enməyə səbəb olur. Təbii ki, bu səmada ulduzlar sayrışır, ay və günəş parlayır. Xoş o adamın halına ki, bu səmada günəş və ay kimi olmasa da, heç olmasa sayrışan ulduzlar kimi olsun. Yüksəklikdən enərkən iki aqibətlə qarşılaşmaq olar. 1. Yarı yolda leş yeyən quşlara yem olmaq. Yəni insan aid olduğu yüksəklikdən enərsə, nəfsani istəklərin hücumuna məruz qalar. Onların hər biri insanın varlığının bir hissəsini qapıb məhv edər. 2. Əgər onların əlindən yaxa qurtarsa, küləklərə məruz qalar. Külək onu uzaqlarda yerə elə çırpar ki, parça-parça olar, hər tikəsi bir yerə sıçrayar. Burada külək deyilərkən pusquda durmuş Şeytan nəzərdə tutulur. Şübhəsiz ki, tövhid səmasından enən şəxs qətiyyətini itirir, hər an artan sürətlə yoxluğa doğru irəliləyir, sonda məhv olur. Tövhid səmasından məhrum olmuş şəxs tale yüyənini əlinə ala bilməz, bu yolda irəlilədikcə, tənəzzülü artar, nəhayət, bütün insanlıq sərmayəsini itirər. Doğrusu, şirk üçün bundan canlı və bundan obrazlı bənzətmə ola bilməz[18]. Qurbanlığın sərf olunduğu yerlər: Ayədə qurbanlıq ətinin sərf olunduğu üç yer qeyd edilmişdir: 1. Hacılar özləri yesinlər. “Ondan yesinlər” cümləsindən belə başa düşülür ki, hacıların özlərinin ondan yeməsi vacibdir. Ola bilsin ki, bu, onlarla ehtiyaclılar arasında bərabərliyin riayət edilməsi üçündür. 2. Qane olan şəxsə verilsin. Qane olan nə isə verildikdə verilənə qane və razı olan, etiraz etməyən, qəzəblənməyən şəxsə deyilir. 3. Qurbanlığın sərf olunduğu üçüncü şəxs dilənçidir. Dilənçi ehtiyacını dilənən, verilənə qane olmayıb etiraz edən şəxsə deyilir. Bu və 28-ci ayədən belə başa düşülür ki, həcc mərasimində qurbanlıq lazım olan yerlərə çatdırılmalı, həm qurban kəsən, həm də ona ehtiyacı olanlara sərf edilməlidir. Müsəlman qurbanlıq ətini Minada xarab edə və ya torpağa basdıra bilməz. Əgər həmin yerdə ehtiyaclı tapılmazsa, ehtiyac duyulan başqa yerə göndərməlidir[19]. Qurban kəsməyin fəlsəfəsi: Allahın qurbanlığa ehtiyacı varmı? Ümumiyyətlə, qurban kəsilməsinin fəlsəfəsi nədir? Bu ayədə açıq şəkildə bildirilir ki, Allahın qurbanlığa ehtiyacı yoxdur. Əslində, məqsəd insanların təqva mərhələlərini adlaması, kamillik yolunu davam etdirməsi və Allaha daha da yaxınlaşmasıdır. Bütün ibadətlər insanların tərbiyə edilməsi üçündür. Qurbanlıq insana fədakarlıq, güzəşt, Allah yolunda şəhidliyə hazır olmaq, yoxsul və ehtiyaclı insanlara yardım etmək dərsləri öyrədir. Qandan istifadə edilmədiyini bilirik. Əslində, Allah-taala “onun qanı da Allaha çatmaz”, – deyə buyurarkən Məkkə müşriklərinin əməllərini təkrar etmək istəyən müsəlmanlar qarşısında qadağa qoyur. Belə ki, müşriklər qurban kəsərkən onun qanını bəzən bütlərin başına və ya Kəbə evinin divarlarına sürtürdülər. Bəzi müsəlmanlar da onların bu xurafatlarını təkrar etməyə meyl göstərirdilər. Sözügedən ayə nazil olur və bu hərəkətin müsəlmanlara qadağan olduğunu elan edir. Təəssüflər olsun ki, bu adət bəzi regionlarda hələ də qalmaqdadır. İnsanlar ev tikdikdən sonra qurban kəsib onun qanını evin divar və tavanına sürtür, hətta bəziləri məscidlərin tikilişi zamanı da bu çirkin hərəkətə yol verirlər[20]. Müharibəyə məcbur edilmiş insanlara cihad icazəsi verilmişdir. Çünki onlar zülmə məruz qalmışlar. Allah onlara kömək etməyə qadirdir. Onlar ancaq “Rəbbimiz tək olan Allahdır” – dediklərinə görə haqsız yerə evlərindən və şəhərlərindən çıxarıldılar. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, monastırlar, kilsələr, sinaqoqlar və içərisində Allahın adı çox zikr olunan məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə yardım edər. Allah qüvvətlidir, məğlubedilməzdir. Əgər onlara yer üzündə qüdrət versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. Əgər səni yalançı saysalar, (bil ki, bu, təzə bir şey deyil,) səndən əvvəl Nuh, Ad və Səmudun qövmü də (peyğəmbərlərini) yalançı saymışdı. Habelə İbrahim və Lutun qövmü və Mədyən əhli də. Musa da yalançı sayılmışdı. Ancaq Mən kafirlərə möhlət verib, sonra onları əzaba düçar etdim. Onları(n əməllərini) necə inkar etdiyimi (və onlara necə cavab verdiyimi) gördünmü? Zülm etdikləri halda, damları üzərinə uçurub (öncə dam və tavanlarını uçurduğumuz, sonra divarları həmin damların üzərinə uçurub) məhv etdiyimiz neçə-neçə kənd və şəhərlər olmuşdur. Neçə-neçə quyular, neçə-neçə uca və möhkəm qəsrlər sahibsiz qaldı. Məgər onlar dərk etmək üçün qəlbə, eşitmək üçün qulağa mallik olsunlar deyə, yer üzündə gəzib dolaşmırlar? Əslində, gözlər deyil, kökslərdəki qəlblər kor olur. ——————————————————————————————- 39-40. Cihadı zəruri edən səbəblər: Bu ayələrdə cihadin iki mühüm yönünə işarə edilmişdir: 1. Məzlumun zalıma qarşı cihadı. Məzlumun zalıma qarşı cihadı onun fitri və əqli haqqıdır. O, haqqını zalımdan almaq üçün ayağa qalxmalı, fəryad qoparmalı, silaha əl atmalı, zalımı öz yerində oturtmalı, haqsızlığa uzanmış əlini kəsməlidir. 2. Allah adını qəlblərdən silməyə, düşüncələrin oyanış mərkəzləri olan ibadət ocaqlarını dağıtmağa niyyətlənən və buna cürət edən həddini aşmışlara qarşı cihad. Allahın nişanələrini yaddaşlardan silməyə çalışan, insanları özlərinə qul və kölə etməyə səy göstərən bu cür insanlara qarşı cihad etmək vacibdir. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, məscid və ibadət ocaqlarını viran qoymaq təkcə onların divarlarını uçurmaqdan ibarət deyil, dolayı yollarla məscid və ibadət ocaqlarının daxilinə nüfuz etmək və çirkin təbliğatlar aparmaqla insanları bu məkanlardan uzaqlaşdırmaq, haqq yoldan azdıraraq Allahdan uzaq salmaqla sözügedən məkanları xarabalığa çevirmək onları viran qoymağın bir formasıdır. Buradan da “nə üçün İslam müsəlmanların öz məqsədlərini zor və silah gücünə həyata keçirməsinə, təkcə məntiqi vasitələrlə kifayətlənməməsinə icazə vermişdir?” – deyə soruşanların cavabı aydın olur. İnsanları haqqı dedikləri üçün ev-eşiklərindən didərgin salan, var-dövlətlərini mənimsəyən, heç bir qanun və məntiq qəbul etməyən zalımlara qarşı məntiq və sözlə mübarzə aparmaq olarmı? Əgər subyektiv düşüncələri bir kənara qoysaq və insan cəmiyyətlərində mövcud olan gerçəklərə baxsaq, əminliklə deyə bilərik ki, bəzən elə şərait yaranır ki, silaha əl atmaq, güc tətbiq etməkdən başqa çarə qalmır. Bu isə məntiqin gücsüzlüyü deyil, düzgün məntiqin qəbul edilməməsi ilə izah edilir. Şübhəsiz ki, məntiqin təsir göstərdiyi yerlərdə o, hər zaman öndədir[21]. Əməlisalehlərin hökmranlıq forması: Əvvəlki ayələrdə Allah tərəfindən yardım ediləcəklərinə vəd verilmiş Allah dostlarının xüsusiyyətləri bu ayə vasitəsilə bəyan edilmişdir: Onlar qüdrət əldə etdikdən sonra hədlərini aşmırlar, Allahla, eyni zamanda xalqla olan əlaqələri daha da möhkəmlənir. Namaz yaradanla olan əlaqənin göstəricisi, zəkat vermək xalqla olan münasibətlərin sıx olmasının rəmzi, yaxşı işlər görməyi əmr etmək, pis işləri qadağan etmək isə sağlam bir cəmiyyətin əsasları hesab edilir. Bu dörd xüsusiyyət sözügedən insanları tanımaq üçün kifayətdir. Bəzi hədislərdə bu ayənin İmam Mehdi (ə) və onun səhabələri və ya Allah rəsulunun (s) nəsli ilə bağlı olduğu qeyd edilmişdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: Bu ayə Mühəmmədin nəsli, Mehdi (ə) və onun səhabələri ilə bağlıdır. Allah-taala şərq və qərbi onların hakimiyyəti altına keçirəcək, dinini qalib edəcək, Mehdi (ə) və səhabələrinin əli ilə haqqı sıxışdırmış bədbəxtlik tərənnümçüsü olan batili məhv edəcək, zülmdən əsər-əlamət qalmayacaq, onlar yaxşı işlər görməyi əmr edəcək, pis işləri qadağan edəcəklər[22]. İnsanın daxili idrak vasitələri: Bu ayədə insanın idrak vasitələri qəlb (ağıl) və qulaqda cəmləşdirilmişdir. Yəni insanın həqiqətləri dərk etməsi üçün iki vasitəsi var: ya daxildən hərəkətverici bir qüvvəyə malik olmalı və məsələləri özü təhlil etməli, ya nəsihətçilərə, haqq yolunun bələdçilərinə, Allahın peyğəmbərlərinə və haqq adamlarına qulaq asmalı, ya da hər iki yol vasitəsilə haqqa çatmalıdır[23]. Allah-taala Quranda “görən göz və eşidən qulağı olub, əslində, kor və kar olan nə çox insan var”, – deyə buyurmuşdur. Əslində, gözlərini itirdkləri halda, qəlbən ayıq olan insanlar kor deyillər. Əsl korlar qəlblərinin gözü kor olanlar, həqiqəti dərk etməyən şəxslərdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Ən pis korluq qəlb korluğudur.” Başqa bir hədisində isə belə buyurmuşdur: “Allah-taala hər hansı bəndəsinə yaxşılıq etmək istədikdə görə bilmədiklərini görməsi üçün onun qəlb gözünü açır.”[24] Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir! Neçə-neçə şəhərlər və kəndlərə (əhalisi) zalım olduqları halda möhlət verdim, (onlar bu möhlətdən düzgün istifadə etmədikdən) sonra onları əzaba düçar etdim. Dönüş yalnız Mənədir! De: “Ey insanlar! Mən sizə yalnız açıq xəbərdarlıq edənəm. İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və qiymətli ruzi vardır. Ayələrimizi məhv etməyə çalışanlar və bizim qəti iradəmizə qalib gələcəklərini düşünənlər Cəhənnəm sakinləridirlər. Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o arzu etdiyində (ilahi məqsədləri həyata keçirmək üçün plan düşündükdə) Şeytan ona (həmin plana) gizlicə təlqinlər etməsin. Lakin Allah Şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarır, sonra da Öz ayələrini möhkəmlədirirdi. Allah biləndir, hikmət sahibidir. (Bununla) Allah Şeytanın gizli təlqinini qəlbində xəstəlik və qəlbi sərt olan insanlar üçün bır sınaq vasitəsinə çevirmək istəyirdi. Zalımlar uzaq bir ədavət içindədirlər. Habelə məqsəd bu idi ki, elm verilən kəslər bunun Rəbbin tərəfindən olan bir həqiqət olduğunu bilsinlər, nəticədə, ona inansınlar və qəlbləri onun qarşısında itaət göstərsin. Allah iman gətirənləri doğru yola yönəldər. Kafirlər isə Qiyamət günü qəfildən başlarının üstünü alanadək, yaxud faydası olmayan bir günün əzabı yetişənədək Quran barəsində şəkk-şübhə içində qalarlar. ————————————————————————————— Allahın səbiri: Təfsirçilər “Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!” cümləsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Daha ağlabatan isə bu fikirdir: Allah-taala misal olaraq bir günün min ilə bərabər olduğunu qeyd etməklə başa salmaq istəyir ki, Onun üçün əzabın gəlməsinə tələsən insanlara dərhal əzab göndərməklə onlara min il möhlət verib, daha sonra əzab vermək arasında heç bir fərq yoxdur. Onlar onsuz da sonra əzaba düçar olacaqlar, çünki Allah Öz vədinə əsla xilaf çıxmaz[25]. Bu ayə əslində, Allahın helmli və səbirli olduğunu göstərir[26]. Çünki helm və səbirin mənası möhlət vermək və günahın cəzasının təxirə salınmasıdır[27]. Digər tərəfdən isə, tələsmək fürsətin əldən çıxmasından və imkanların tükənməsindən qorxan adamların xüsusiyyətidir. Amma əzəli və əbədi qüdrət sahibi olan Allah üçün tələsməyin heç bir mənası yoxdur, O Öz vədini yerinə yetirməyə hər zaman qadirdir[28]. Rəsulla nəbinin fərqi: “Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik” cümləsindən elçi (rəsul) ilə nəbi arasında fərq olduğu açıq-aydın başa düşülür. Bu barədə çox izahlar verilmişdir. Ancaq daha uyğun izah budur ki, rəsul (elçi) öz dinini təbliğ etmək və bu dinə dəvət etməklə vəzifələndirilmiş peyğəmbərə deyilir. Rəsulların bu yolda əllərindən gələni əsirgəmədiklərini, istənlən çətinliklərə canları bahasına olsa belə, sinə gərdiklərini yaxşı bilirik. Nəbi isə leksik mənasından da göründüyü kimi, irimiqyaslı təbliğ vəzifəsi daşımasa da, ilahi vəhydən xəbər verən şəxsə deyilir. Yəni nəbi dərdi olanların müraciət edib dərdlərinə çarə istədikləri həkim kimidir. Peyğəmbərlərin şərait və mühitləri bir-birindən fərqlənmiş, hər birinin özünəməxsus vəzifəsi olmuşdur[29]. Əlbəttə, bəzi təfsirçilər Əhli-beyt (ə) hədislərinə istinad edərək bildiriblər ki, rəsul vəhy mələyinin nazil olduğu, mələyi görən və onunla danışan şəxsdir. Amma nəbi yuxu görən və vəhyi yuxu vasitəsilə alan şəxsdir[30]. Şeytanın peyğəmbərlərin hədəflərinə təlqinləri: Bu ayə ilə bağlı müxtəlif təfsirlər mövcuddur. Onların bəzisi Peyğəmbərin (s) qəti dəlillərlə sübuta yetmiş məsumluğuna ziddir. Əllamə Təbatəbai “təmənna” sözü əsasında ayəni iki şəkildə təfsir etmişdir: 1. “Təmənna” ürəkdən keçən arzu mənasındadırsa, ayənin mənası belə olacaq: Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, Allahın dinini irəli aparmaq və insanların Ona iman gətirməsini arzu etdiyində Şeytan insanları onun dininə qarşı vəsvəsə etmək və zalımları ona qarşı təhrik etmək, fitnə-fəsad törədənləri aldatmaq və bu vasitə ilə peyğəmbərləri məyus etməklə hədəflərinə gizli təlqinlər etməsin. Ancaq sonda Allah Şeytanın səylərini puça çıxarır, ayələrini möhkəmləndirir, peyğəmbərinin səy və fəaliyyətini hədəfə çatdırırdı. 2. “Təmənna”nın oxumaq mənasını götürsək, ayənin mənası belə olacaq: Biz səndən əvvəl elə bir elçi, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, Allahın ayələrindən insanlara oxuduğu zaman Şeytan insanları Allaha iman gətirməkdən yayındırmaq üçün onların qəlbinə şübhə toxumu səpib onları vəsvəsə etməsin. Ancaq Allah Şeytanın yaratdığı şübhələri puça çıxarır, peyğəmbəri həmin şübhələri aradan qaldırmağa müvəffəq edir və ya həmin şübhələri aradan qaldırmaq üçün əlamət göndərirdi[31]. Qeyd etməliyik ki, bu kitabda nəzər nöqtəsi olan ayənin tərcüməsi birinci mənaya əsaslanır. O gün hökm və hakimlik yalnız Allaha məxsusdur. Onların arasında hökm verəcəkdir. İman gətirib yaxşı işlər görənlər nemətləri bol olan bağlarda olacaqlar. Kafir olub ayələrimizi yalan hesab edənləri isə xaredici bir əzab gözləyir. Allah yolunda hicrət edənlərə, sonra öldürülənlərə və yaxud ölənlərə Allah gözəl ruzi verəcəkdir. Çünki O, ruzi verənlərin ən yaxşısıdır! Allah onları razı qalacaqları yerə daxil edəcəkdir. Həqiqətən, Allah biləndir, səbirlidir! Belədir! Hər kim zülm və haqızlığa məruz qaldığı miqdarda cəza versə, sonra yenə də təcavüzə məruz qalsa, mütləq, Allah ona kömək edəcəkdir. Həqiqətən, Allah əfv edəndir, bağışlayandır! Bu (ilahi yardım vədi) ona görədir ki, Allah gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. Allah eşidəndir, görəndir. Bu, ona görədir ki, Allah haqdır. Ondan başqa çağırdıqları isə batildir. Allah ucadır, böyükdür. Allahın göydən su göndərdiyini və yerin (onunla) yaşıllığa büründüyünü görmürsənmi? Allah lütfkardır, xəbərdardır. Göylərdə və yerdə nə varsa, Onundur. Allah ehtiyacsızdır və hər növ tərifə layiqdir. —————————————————————————————- 56. Allahın Qiyamət hökmranlığı: Nəzərə almalıyıq ki, Allahın hökmranlığı təkcə Qiyamət günü ilə məhdudlaşmır. Allah həmişəlik mütləq hakimdir. Sadəcə, dünyada malik və hakimlər olduğu üçün belə bir təsəvvür yarana bilər ki, Allahdan başqa da hakimlər vardır. Ancaq Qiyamət səhnəsində Onun yeganə hakim və malik olması həqiqəti tamamilə aşkara çıxacaq. Başqa sözlə desək, iki cür hakim və malik var: yaradanın yaranmışlar üzərindəki hökmranlığı həqiqi hökmranlıq, insanlar arasında mövcud olan hökmranlıq isə formal hökmranlıqdır. Dünyada bu iki hakimiyyət formasının hər ikisi mövcuddur. Ancaq o dünyada formal hakimyyətlər deyil, yalnız yaradanın həqiqi hökmranlığı olacaq[32]. Allah yolunda ölmək şəhidlik kimidir: Bəzi təfsirlərdə bu ayənin nazilolma səbəbi haqqında belə yazılmışdır: Mühacirlər Mədinəyə getdikdən sonra onların bəzisi şəhidlik şərbətini içdikləri halda, bəzisi təbii əcəlləri ilə dünyalarını dəyişdilər. Bu aspektdən səhabələr arasında Allahın bütün üstünlükləri şəhidlərərə aid etməsi fikri meydana çıxdı. Sözügedən ayə nazil oldu və hər iki dəstənin Allahın ən üstün nemətlərinə layiq görüldüyünü bəyan etdi. Buna görə də bəzi təfsirçilər buradan belə qənaətə gəlirlər ki, əsas Allah yolunda can verməkdir, fərqi yoxdur, bu, istər şəhid edilməklə olsun, istərsə təbii əcəllə. Hər kəs Allah üçün və Allah yolunda ölərsə, şəhidlərin savabını qazanar[33]. İmam Əli (ə) buyurmuşdur: “…Allahın, peyğəmbərin və peyğəmbər ailəsinin haqqını tanıdğı halda öz yatağında ölən hər kəs şəhiddir. Niyyətində qılınc sıyırmaq olan bu adamın nəzərdə tutduğu yaxşı əməllərin mükafatına layiq görülməsi Allahın öhdəsindədir.”[34] Qeyd etməliyik ki, Allah yolunda hicrət etməyin mənası çox genişdir, Allah yolunda hicrət etmiş hər kəsə şamil olur. Buraya İslamın ilk dövrlərində Allah yolunda hicrət etmiş mühacirlər də, həcc, Allah evini və Əhli-beytin (ə) müqəddəs qəbirlərini ziyarət etmək üçün öz vətənlərini tərk etmiş mühacirlər də aiddir. Bu ayə dini biliklərə yiyələnmək, dini təbliğ etmək, yaxşı işlər görməyi əmr etmək, pis işlərdən çəkindirmək, kafirləri öz ölkəsindən çıxarmaq, ölkəsini kafirlərin şərindən qorumaq üçün evlərindən çıxmış insanlara da şamildir[35]. Gecə-gündüzün hesablanmış və tədrici dəyişkənliyi: “Yulicu” feili kökü “vuluc” olan “ilac” sözündən düzəlmşdir; mənası daxil olmaqdır. Bu söz ilin müxtəlif fəsillərindən asılı olaraq gecə-gündüzün hesablanmış, nizam-intizamlı və tədrici dəyişikənliyini, birinin qısalmasını, digərinin uzanmasını ifadə edir. Bu sabit və nizam-intizamlı sistem milyon illərdir ki, mövcuddur. Bu ifadə ilə günəşin atmosfer şəraitindən asılı olan çıxmasına və batmasına da işarə edilə bilər. Belə ki, günəşin doğması qəfil deyil, tədricən baş verir, dan yer sökülməyə başlayanda günəş şüaları yüksəlir və yavaş-yavaş aşağı enir. Sanki gündüz tədricən gecənin içərsinə daxil olur, işıq ordusu zülmət ordusu üzərində qələbə çalır. Qürub vaxtı isə günəş şüasi sona yetir və hava azacıq tutulur, günəş işığı tədricən yuxarıdan son qürub yerinə qədər sona yetir və zülmət ordusu hər tərəfi öz ağuşuna alır. Əgər belə olmasaydı, günəşin çıxması və batması bir anda baş versəydi, gecə gözlənilmədən gündüzlə, gündüz isə qəfildən gecə ilə əvəzlənsəydi, bu, insan üçün ruhi və cismani problemlər yaradardı. Sürətli dəyişiklik ictimai cəhətdən də çoxlu fəsadlar yaranmasına səbəb olardı. Ayənin hər iki mənanı ifadə etməsinin heç bir problemi yoxdur[36]. Məgər Allahın quruda olanları və Onun əmri ilə okeanlarda üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Onun izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Allah insanlara qarşı mərhəmətli və mehribandır. Sizə həyat verən, sonra öldürən, daha sonra dirildən məhz Odur. Ancaq insan çox nankordur. Biz hər bir ümmət üçün yerinə yetirə biləcəyi bir ibadət müəyyən etdik. Onlar bu işdə səninlə höcətləşməsinlər. Sən Rəbbinə tərəf dəvət et. Çünki sən ən doğru bir yoldasan. Əgər səninlə mübahisəyə qalxsalar, de: “Allah sizin nə etdiyinizi daha yaxşı bilir. İxtilaf etdiyiniz məsələlər barəsində Allah sizə Öz hökmünü Qiyamət günü verəcəkdir”. Məgər bilmirdin ki, Allah göydə və yerdə olanları bilir? Bütün bunlar kitabda (Allahın sonsuz elm kitabında) mövcuddur. Bu, Allah üçün asandır. Onlar Allahı qoyub, haqqında heç bir dəlil nazil edilməyən və üstəlik özlərinin də bilmədikləri şeylərə ibadət edirlər. Zalımların kömək edəni və yol göstərəni olmaz. Açıq-aydın ayələrimiz kafirlərə oxunduğu zaman sən onların inkarçı görkəm aldığını görərsən. Az qalırlar ki, qalxıb yumruqları ilə ayələrimizi onlara oxuyanların üstünə hücum çəksinlər. De: “Sizə bundan daha pisini xəbər verimmi? Allahın kafirlərə vəd verdiyi yandırıcı od (ondan da pisdir)! O, nə pis aqibətdir!” —————————————————————————————– Üzən gəmilər Allahın lütfkarlığının əlamətidir: Yer və göydəki mövcudatın ram edilməsi deyilərkən insanın kamilləşməsi üçün Allahın onları ram etməsi nəzərdə tutulur. Yerdə mövcud olan nemətlər arasında gəmilərin okeanlardakı hərəkətinin xüsusilə qeyd edilməsi gəmilərin keçmişdə və indi ən mühüm nəqliyyat vasitələrindən olması ilə bağlıdır. Heç bir nəqliyyat vasitəsi bu vaxta qədər insanların və yüklərin bir yerdən başqa bir yerə daşınmasında gəmilərin yerini tuta bilməmişdir. Əgər bir gün gəmilərin okeanlardakı hərəkəti dayansa, insanların həyatı tamamilə alt-üst olar. Çünki quru yolları gəmilərin daşıdığı yüklərin hamısını daşımaq gücündə deyil. Sonra Allah böyük nemətlərdən olan göy nemətinə işarə etmişdir. O, Allahın izni olmadan yerə düşməsin deyə, səmanı qoruyur. Allah planetləri öz orbitlərində hərəkət etdirir. Mərkəzdən qaçma nətcəsində hasil olan dəfetmə qüvvəsi ilə onların cazibə qüvvəsi arasında paralellik yaratmışdır. Nəticədə, onların öz orbitlərindəki hərəkətləri zamanı aralarındakı məsafələrdə heç bir dəyişiklik yaranmır, toqquşma baş vermir. Allah atmosfer təbəqəsini elə yaradıb ki, kometlərin yerə toxunmasına və məhvedici dağıntılar törətməsinə imkan vermir. Bu, Allahın bəndələrinə qarşı olan lütf və mərhəmətinin göstəricisidir. İnsanların əmin-amanlıq və asayiş içində yaşamasını təmin etmək, onları dağıdıcı ulduz yağışından və toqquşmalardan qorumaq üçün belə bir əmin-aman beşik yaratmışdır[37]. Səmavi dinlərdə yeni ibadət formalarının mövcud olma fəlsəfəsi: Bu ayədə xalqlar deyilərkən, Peyğəmbər (s) zamanında mövcud olan ərəb, qeyri-ərəb, rumlular və sair kimi müxtəlif xalqlar deyil, İslama qədər olan və bir-birini əvəzləyən bütün keçmiş xalqlar nəzərdə tutulur. “Səninlə höcətləşməsinlər” cümləsinin xitab obyekti Peyğəmbərin (s) çağırışına qarşı çıxaraq onunla təqdim etdiyi ibədət forması barəsində mübahisə edən müşrik və inkarçılardır. Kitab əhlindən olan kafirlər və müşriklər İslamda olan bəzi ibadət formalarını gördükdə onlar üçün yeni olan və analoqunu keçmiş dinlərdə, o cümlədən yəhudilikdə olmayan ibadətlər barəsində Peyğəmbərlə (s) mübahisəyə qalxaraq deyirdilər: “Bu ibadəti haradan gətirmisən? Buna bənzər ibadət formalarını keçmiş dinlərdə görməmişik. Əgər sən doğrudan da peyğəmbər olsaydın, keçmiş ümmətlərin Allaha ibadət edən nümayəndələri bu ibadətlərdən xəbərdar olmalı idilər.” Allah-taala onlara belə cavab verir: “Keçmiş ümmətlərin hər birinin Allaha ibadət etmək üçün özünəməxsus ibadət forması var idi. Ümmətlərin heç birinin ibadəti digərinə ötürülməmişdir. Çünki Allah hər bir dinin qanunlarının hökmünə sonra gələn dinin qanunları ilə xitam verir və daha yaxşısını təqdim edir. Bunun səbəbi isə sonrakı ümmətlərin fikir və düşüncə cəhətdən əvvəlkilərdən daha üstün olması, onların daha yaxşı və daha kamil ibadət formaları yerinə yetirmək potensialına malik olmasıdır. Buna görə də sizin peyğəmbərlə mübahisəyə qalxıb onun dininin əvvəlki dinlərə bənzəməməsinə etiraz etməyinizin heç bir mənası yoxdur.”[38] İnkarçı kafirlər məntiqsiz və kobud idilər: Kafirlər Allahın ayələrini eşitiklərində Quranın canlı məntiqi ilə özlərinin nadan təəssübkeşliyi arasında ziddiyyət olduğunu görürdülər. Haqq-həqiqət qarşısında təslim olmaq istəmədikləri üçün üzlərinin ifadəsi dəyişir, inkarçı görkəm alırdılar. Əlbəttə, məsələ bununla da bitmirdi, təəssüb və inadkarlıqları elə həddə çatırdı ki, az qalırdılar bu ayələri söyləyənlərə hücum çəksinlər. Məntiqli insanın məntiqə zidd olan fikirlər eşitdikdə ona məntiqi yolla cavab verdiyini nəzərə alsaq, kafirlərin göstərdiyi bu yanlış reaksiya onların məntiqə əsaslanmadığını, yalnız təəssübkeşlik və cəhalət içində batdıqlarını göstərir. Quran bu məntiqsizlərə qarşı Peyğəmbərə (s): “De: “Sizə bundan daha pisini xəbər verimmi? Allahın kafirlərə vəd verdiyi yandırıcı od (ondan da pisdir)! O, nə pis aqibətdir!” – deyə göstəriş verir. Yəni siz elə düşünürsünüz ki, Allahın ayələri sizin azğın və yanlış fikirlərinizlə üst-üstə düşmədiyi üçün pisdir. Mən isə sizə bundan da pisini xəbər verirəm: “Siz bu inadkarlığınıza görə axırda Allahın ağrılı-acılı əzabına məruz qalacaqsınız.”[39] Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün əl-ələ versələr belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər; həm istəyənlər aciz qalar, həm istənilənlər! (Həm ibadət edənlər, həm də ibadət olunanlar bunu bacarmazlar) Onlar Allahı lazımınca tanımadılar. Allah qüvvətlidir, məğlubedilməzdir! Allah mələklərdən də elçilər seçir, insanlardan da. Allah eşidəndir, görəndir! Onların keçmişini və gələcəyini bilir. Bütün işlər Allaha qayıdır. Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız. Allah yolunda cihad edin və cihadı layiqincə yerinə yetirin. O, sizi seçdi və dində sizin üçün heç bir çətinlik yaratmadı. Atanız İbrahimin dininə tabe olun. (Bu, elə sizin atanız İbrahimin dinidir.) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəlki kitablarda, həm də bu kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möh­­kəm sarılın ki, O, sizin rəhbəriniz və himayədarınızdır. O, nə gözəl himayədar, nə gözəl yardımçıdır! ————————————————————————————— Milçək belə yaratmağa qadir olmayan yalançı tanrılar: İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Müşriklər adət-ənənələrinə görə Kəbənin ətrafında olan bütlərinə müşk-ənbər sürtüb qarşısında sitayiş edirdilər. (Allah onların heç nəyə qadir olmadıqlarını başa salmaq üçün)” dörd qanadı olan yaşıl rəngli milçək göndərir. Həmin milçək bütlərin üzərindəki bütün müşk-ənbərləri sorur. Bu ayə həmin vaxt nazil olur.”[40] Ayənin “Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün əl-ələ versələr belə” cümləsini oxuduqdan sonra ortaya belə bir sual çıxa bilər: Müasir insan elm və texnologiyanın gücü ilə nəinki bir milçək, ondan da üstün ixtiralara imza atmışdır. Bir göz qırpımında çox böyük məsafələr qət edən nəqliyyat vasitələri, ən mürəkkəb riyazi məsələləri bir anda həll edə bilən dəqiq elektron beyinlər yaratmışdır. Belə olan halda, bu ayə müasir insana da şamil olurmu? Qeyd etməliyik ki, ağılları heyran qoyan bu cür vasitələrin düzəldilməsi təbii ki, bəşəriyyətin elmi inkişafının yüksək yaradıcılıq qabiliyyətindən xəbər verir. Ancaq bütün bunlar canlı bir varlığın yaranış sirri qarşısında çox sadə bir şeydir. Əgər canlı varlıqların fiziologiyası, milçək kimi kiçik bir həşəratın bioloji fəaliyyətlərindən bəhs edən bir kitabı diqqətlə araşdırsaq, görərik ki, bir milçəyin beyin quruluşu, əsəb və həzm sistemi ən yüksək texniki təchizata malik olan təyyarənin quruluşundan müqayisə edilə bilməyəcək dərəcədə üstündür. Canlı varlıqların həyatı, hissələri, hərəkətləri, inkişafı, artması hələ də alimlər üçün bir müəmma olaraq qalmaqdadır. Bu mövcudatın bədənindəki incəliklər həllolunmaz müəmmalardır[41]. İxlas Allah yolunda edilən layiqli cihadın şərtidir: “Allah yolunda cihad edin və cihadı layiqincə yerinə yetirin” cümləsini təfsir edən əksər təfsirçilər burada düşmənə qarşı olan silahlı cihadın nəzərdə tutulmadığını bildirmişlər. Cihadın leksik mənasını da nəzərə alsaq, cihad deyilərkən Allah yolunda göstərilən bütün növ səylər, yaxşı işlər görmək üçün atılan addımlar, boyun əyməyən nəfsani istəklərlə və zalım düşmənlə mübarizə nəzərdə tutulur. Təbərsi “Məcməül-bəyan” kitabında əksər təfsirçilərə istinad edərək layiqli cihad deyilərkən Allah üçün görülən işlərin ixlas, xalis niyyət və tam səmimiyyətlə yerinə yetirilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir. Şübhəsz ki, layiqli cihad keyfiyyət, kəmiyyət, məkan, zaman və sair cəhətlərə əsasən məzmunca çox geniş miqyası əhatə edir. Nəfslə mübarizədə ixlas və səmimiyyət ən çətin mərhələ olduğu üçün ona daha çox önəm verilmişdir. Çünki Allahdan qeyrisi üçün olan fikir və meyllərin insanın qəlbinə və əməllərinə təsiri o qədər gizlidir ki, ondan yalnız Allahın xüsusi bəndələri xilas ola bilərlər[42]. İbrahim (ə) müsəlman ümmətinin atasıdır: İbrahimin (ə) müsəlman ümmətinin atası hesab edilməsi onun Allah qarşısında təslim olması ilə bağlıdır (Bəqərə – 131). Digər tərəfdən isə Quran onun öz dilindən belə buyurur: “Mənə tabe olan məndəndir” (İbrahim – 36). Bu cümləsi ilə o, ardıcıllarını özünə aid etmişdir. Quranın başqa bir ayəsində onun dilindən belə buyururlur: “Məni və övladlarımı bütlərə tapınmaqdan qoru!” (İbrahim – 35). Şübhəsiz ki, övladlarım deyərkən o, müsəlmanları nəzərdə tutmuşdur. Çünki onun nəslindən olan müşriklərə dua etməsinin heç bir mənası olmazdı. Allah-taala Quranda belə buyurmuşdur: “İnsanlardan İbrahimə ən layiq olanlar, onun ardınca gedənlər, bu Peyğəmbər və (ona) iman gətirənlərdir.” (Ali-İmran – 68)[43] Bu ayələrin məcmusundan Quranda İbrahimin (ə) İslam ümmətinin mənəvi atası və müsəlmanların da onun mənəvi övladları olmasının səbəbi aydın olur. Çünki o, ilk müsəlman olan şəxsdir. Ardıcılları olan müsəlmanları da öz övladları hesab etmişdir. [1] Nümunə, c.14, səh.4 [2] Əl-Mizan, c.14, səh.340 [3] Nümunə, c.14, səh.7 [4] Nümunə, c.14, səh.17 [5] Nümunə, c.14, səh.24 [6] Nümunə, c.14, səh.22 [7] Nümunə, c.14, səh.33 [8] Ətyəbül-bəyan, c.9, səh.276 [9] Nümunə, c.14, səh.46 [10] Əl-Mizan, c.14, səh.359 [11] Nümunə, c.14, səh.49 [12] Nümunə, c.14, səh.62 [13] Nümunə, c.14, səh.67 [14] Mənşuri-cavid,c.11, səh.270 [15] Nümunə, c.14, səh.70 [16] Nümunə, c.14, səh.72 [17] Əl-Mizan, c.14, səh.371 [18] Nümunə, c.14, səh.95 [19] Nümunə, c.14, səh.108 [20] Nümunə, c.14, səh.109 [21] Nümunə, c.14, səh.119 [22] Nümunə, c.14, səh.117 [23] Əl-Mizan, c.14, səh.390 [24] Nümunə, c.14, səh.130 [25] Ətyəbül-bəyan, c.9, səh.315 [26] Əl-Mizan, c.14, səh.391 [27] Məcməül-bəyan, c.2, səh.93 [28] Nümunə, c.14, səh.132 [29] Nümunə, c.14, səh.144 [30] Əl-Mizan, c.14, səh.392 [31] Əl-Mizan, c.14, səh.392 [32] Nümunə, c.14, səh.148 [33] Nümunə, c.14, səh.150 [34] Nəhcül-bəlağə, 232-ci xütbə [35] Ətyəbül-bəyan, c.9, səh.325 [36] Nümunə, c.14, səh.153 [37] Nümunə, c.14, səh.159 [38] Əl-Mizan, c.14, səh.407 [39] Nümunə, c.14, səh.169 [40] Əl-Mizan, c.14, səh.416 [41] Nümunə, c.14, səh.174 [42] Nümunə, c.14, səh.171 [43] Əl-Mizan, c.14, səh.414

QURANI KƏRIM 08.02.2025

“Ənbiya” surəsi xülasə təfsiri və tərcüməsi

“Ənbiya” surəsi Rəhman və Rəhim Allahın adı ilə! İnsanların haqq-hesabı yaxınlaşıb, ancaq onlar qəflət içindədirlər, üz çeviriblər. Onlara öz Rəblərindən elə bir yeni xəbərdarlıq gəlməz ki, ona istehza ilə qulaq asmasınlar. Bu, qəlbləri əyləncə və qəflət içində batdığı halda baş verər. Zalımlar öz aralarında xəlvətcə pıçıldaşıb deyirlər: “Məgər bu sizin kimi adi bir insan deyilmi? Gözünüz görə-görə sehrinmi dalınca düşəcəksiniz?” (Peyğəmbər) dedi: “Rəbbim göydə və yerdə danışılan bütün sözləri bilir. O, eşidəndir, biləndir!” Onlar dedilər: “(Mühəmmədin (s) gətirdiyi vəhy deyil,) qarmaqarışıq yuxulardır! Xeyr, o, bunu özündən uydurmuşdur! Xeyr, o, bir şairdir! O, əvvəlki elçilərə göndərilən (möcüzələr) kimi bizə də bir möcüzə gətirməlidir”. Onlardan əvvəl məhv etdiyimiz məmləkətlərdən heç biri iman gətirməmişdi. İndi bunlarmı iman gətirəcəklər? Biz səndən əvvəl də yalnız vəhy nazil etdiyimiz kişilər göndərmişdik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun. Biz onları yemək yeməyən bədənlər etmədik. Onlar əbədi də deyillər. Sonra isə onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq. Biz sizə xatırladan (və ayıldan) bir kitab nazil etdik. Məgər başa düşmürsünüz? ——————————————————————————————- “Ənbiya” surəsinin ümumi məzmunu: Bu surədə əsasən peyğəmbərlərdən bəhs olunur[1]. Haqq-hesab və Qiyamətin yaxınlaşması deyilərkən nə nəzərdə tutulur? Bəzi təfsirçilər hesab edir ki, keçmişə nisbətdə dünyanın ömrünə artıq az qalıb. Bu səbəbdən də Qiyamət artıq yaxındır. Deyilənə görə Peyğəmbər (s) işarə və orta barmağını göstərərək buyurmuşdur: “Mənim və Qiyamətin təyin edlməsi bu ikisi kimidir.” Bəziləri bu ifadə ilə Qiyamətin qopacağında heç bir şübhə olmadığına işarə edildiyini bildirmişlər[2]. 3-10. Müşriklərin peyğəmbərliklə bağlı irəli sürdükləri bəzi iradlar: Bu ayələrdə inadkar müşriklərin Quran və peyğəmbərliklə bağlı irəli sürdükləri iradlar və bəhanələrə işarə edilmişdir. Birinci irad bundan ibarət idi ki, peyğəmbər də sizin kimi insandır (3-cü ayə), insanlıq baxımından sizdən heç nəyi ilə fərqlənmir. Əgər qeyblə əlaqəli olması iddiası düzgündürsə, sizin də qeybdən xəbəriniz olmalıdır. Əgər sizin qeybdən xəbərinz yoxdursa, deməli, o yalan danışır. Möcüzə adlandırdığı və öz peyğəmbərliyinə dəlil olaraq təqdim etdiyi kitab isə möcüzə deyil, sadəcə, sizin gətirə bilmədiyiniz bir cadudur. Allah-taala bu irada iki aspektdən cavab verir: Birincisi, keçmiş peyğəmbərlərin da hamısı insan olmuşdur. İslam peyğəmbərinin bu iddası analoqu olmayan bir iddia deyil. Peyğəmbərlik insan olmaqla təzad təşkil edən bir anlayış deyil. Peyğəmbərlə peyğəmbər olmayanın fərqi vəhydədir. Allah vəhyi istədiyi şəxsə göndərə bilər. Allah kiməsə vəhy göndərirsə, bu, o demək deyil ki, hamıya vəhy göndərməlidir. Yaxud da əgər kiməsə vəhy göndərmirsə, bu, o demək deyil ki, bunu kimdənsə əsirgəməlidir. Vəhy insanla Allah arasında olan xüsusi br əlaqədir. İlahi hikmət sayəsində bəziləri ona layiq, bəzi digərləri isə layiq deyildir. Ayənin sonunda Allah-taala buyurur ki, əgər bunu bilirdinizsə, heç, yox əgər bilmirdinizsə, o zaman müşriklərin hörmət bəslədikləri və etibar etdikləri kitab əhlindən soruşun (7-ci ayə). Müşrklərin ikinci iradı onların peyğəmbər və Quranla bağlı olan və get-gedə kəskinləşən iftiralarından ibarət idi (5-ci ayə). İlk öncə onlar dedilər ki, Mühəmmədin (s) söylədikləri qarmaqarışıq yuxulardır. O, elə güman edir ki, bunlar Allah tərəfindən göndərilən vəhydir. Bu sözlər sehrdən də dəyərsizdir. Onlar yavaş-yavaş iftiralarını daha da kəskinləşdirərək deyirdilər: Bunlar qeyri-ixtiyari görülən qarmaqarışıq yuxular deyil, özündən uydurub Allaha aid etdiyi sözlərdir. Sonra daha da irəli gedərək deyirdilər: O, ümumiyyətlə, şairdir və şeir oxuyur. Bu iftira ona görə daha ağırdır ki, yalançı yalanı düşünərək, bilərəkdən danışır, şair isə düşünmədən ağlına gələni deyir, poetik cəhətdən könül oxşayan sözləri qəlibə salır. Buna görə hətta zəruri aksiomları da inkar edə, doğrunu yalan, yalanı isə doğru saya, yanlış üzərində açıq şəkildə israrla dayana bilər. Sonra müşriklər öz-özlərində belə qənaətə gəlirlər ki, Quran möcüzə deyil. Əgər Peyğəmbər (s) düz deyirsə, keçmiş peyğəmbərlər kimi möcüzə gətirsin, Musanın (ə) əsası və Salehin (ə) dəvəsi kimi möcüzələr göstərsin. Allah “əgər Mühəmməd (s) keçmiş peyğəmbərlər kimi, möcüzə gətirsə, biz iman gətirəcəyik” deyənlərin yalan danışdıqlarını belə ifadə edir: “Keçmiş ümmətlər də öz peyğəmbərlərindən qeyri-adi möcüzələr istəmiş, ancaq peyğəmbərlər onların təklif etdikləri möcüzələri göstərdiklərində yenə də iman gətirməmiş və ilahi əzaba düçar olmuşdular. Bunlar da onlar kimidirlər, yalan danışırlar.”[3] Sonra lakonik və dərin mənalı bir cümlə ilə müşriklərə belə cavab verir: Hər kəs insanlar üçün xatırlatma, ayıltma, təfəkkür və paklıq mənbəyi olan Quran ayələrini araşdırsa, onun parlaq və əbədi bir möcüzə olduğunu görər. Bütün cəhətlərdən möcüzə olduğu açıq-aşkar görünən bu kitabı inkar edib başqa möcüzələr tələb edilməsi qərəz və ağılsızlıqdan xəbər verir[4]. Biz zalım olan neçə-neçə məmləkəti məhv edib, sonra başqa xalqları ərsəyə gətirdik. Əzabımızı hiss edən kimi dərhal oradan qaçmağa başladılar. (Dedik:) “Qaçmayın! Naz-neməti bol olan həyata və yurdlarınıza qayıdın. Bəlkə sizdən istənildi. (Yoxsullar evinizə gəlib sizdən nə isə istədi və siz də onları əlboş qaytardınız.)” Onlar: “Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq”– dedilər. Biz onları (küləş kimi) biçib susdurana qədər fəryad qoparırdılar. Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq. Əgər Biz əyləncə düzəltmək fikrində olsaydıq, Özümüzə uyğun bir şey seçərdik. Əgər bunu etsəydik (edərdik). Biz haqqı batilin başına vurarıq və o da onu məhv edir. Beləcə, batil məhv olub sıradan çıxar. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Onun yanında olanlar (mələklər) Ona ibadət etməkdən əl çəkmir və əsla yorulmurlar. Onlar gecə-gündüz, usanmadan (Onun) şəninə təriflər deyirlər. Yoxsa özlərinə yerdə diriltməyə qadir olan tanrılarmı qəbul etdilər? Əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, dağılıb məhv olardılar (dünyanın nizam-intizamı bir-birinə dəyərdi). Ərşin sahibi olan Allah onların aid etdiyi sifətlərdən ucadır! Heç kəs Onun gördüyü işlərə irad tuta bilməz. Onların gördükləri işlər haqqında soruşular. Allahdan başqa tanrılarmı seçdilər? De: “Sübutunuzu göstərin! Bu, mənimlə olanların və məndən öncəkilərin (peyğəmbərlərin) sözüdür”. Lakin onların çoxu əsl həqiqəti bilmir, buna görə də (ondan) üz çevirərlər. —————————————————————————————— Sabit və davamlıdır: Haqq və batil bir-birinə qarşı olan anlayışlardır. Haqq öz zatında sabit, batil isə öz zatında sabit deyil, ancaq insanlarda haqq təsəvvürü yaratmaq üçün özünü haqq kimi göstərir. Əlbəttə, haqq qarşısında dayandığı zaman batil olduğu məlum olur və sıradan çıxır. Buna su və ilğımı misal göstərə bilərik. Su mövcud olan bir gerçəkdir, lakin ilğım su olmadığı halda, özünü su kimi göstərir, görənlər onun su olduğunu zənn edirlər. Ancaq susuz adam ona yaxınlaşdıqda su olmadığını görür. Allah-taala Quranda haqq və batilə aid çox misallar çəkmiş, həqiqətə uyğun olan inancları haqq, həqiqətə uyğun olmayan inancları isə batil kimi təqdim etmişdir, axirəti haqq, insanın özününkü hesab etdiyi, əldə etmək üçün qaçdığı dünya həyatını bütün bərbəzəyi ilə batil saymışdır. Allah-taala Öz zatını haqq, insanların aldandığı, Allahı qoyub meyl göstərdiklərini batil adlandırmışdır. Batilə haqq ilə qarşı-qarşıya gələnə, öz-özlüyündə onu məhv edib yerinə keçdyini təsəvvür edənə qədər möhlət vermək, sonda haqqın əli ilə batili məhv etmək Allahın sünnəsidir. Bəzi vaxtlarda haqlılar azlıqda olsalar da, zəifləsələr də, haqq inancın kökü yer üzündən əsla kəsilməz. Haqq üzərinə hücum çəkənlər nə qədər çox olsa da, haqq əsla məhv olmaz. Allah Öz peyğəmbərlərindən Öz yardımını əsirgəməz. Bıçaq sümüklərinə dirənsə də, peyğəmbərlər ümidsizliyə qapılmazlar. Nəticədə, əvvəlki ayələrə əsasən bu ayənin mənası belə olur: Biz dünyanı əyləncə üçün yaratmamışıq, batili haqq ilə vurub onu məhv etmək Bizim əzəli və əbədi sünnəmizdir. Əgər batil doğru olmayan və batil bir dəlil və inanc olarsa, haqq dəlil və inanc onu məhv edib sıradan çıxarar. Əgər batil doğru olmayan bir əməl və sünnə olarsa, heç bir qaçışı olmayan əzab həmin əməl və sünnəni məhv edər. Bir sözlə, batil nə olursa, olsun, haqq onu məhv edəcək[5]. Hədislərdə zühur etdikdən sonra İmam Zamanın (ə) quracağı dövlət bu ayənin ən bariz nümunəsi kimi təqdim edilmişdir[6]. Qarşıdurma arqumenti: Bu ayədə tövhid arqumentlərindən biri hesab edilən qarşıdurma arqumentinə işarə edilmişdir. Biz dünyaya bir qanunun hakim olduğunu, kainatın vahid bir sistemlə idarə edildiyini, kainatı təşkil edən ayrı-ayrı hissələr arasında heç bir ziddiyyətin olmadığını bilirik. Qanunlar və sistemlərin bu koordinasiyası dünyanın vahid mənbə tərəfindən idarə olunduğunu göstərir. Əgər mənbələr çox və istəklər müxtəlif olsaydı, bu koordinasiya mövcud olmaz və Quranın təbirincə desək, dünya dağılıb məhv olardı. Çünki iki nəfər nə qədər həmfikir olsa da, yenə də iki nəfərdir, baxışlar fərqlənməlidir. Əgər onların hər şeyi eyni olsaydı, bir olardılar. Deməli, iki nəfər olması üçün qəti surətdə fərqlər olmalı və bu fərqlərin nəticələri özünü göstərməlidir. Bu kitab nə qədər böyük olsa da, müxtəlif mövzulardan bəhs etsə də, müəllifi iki və daha artıq olacağı təqdirdə ondakı uyğunsuzluq dərhal hiss ediləcəkdi. Böyük yaradılış kitabı bütün əzəməti ilə vahid koordinasiya qanununa tabedir. Əgər dünyanın idarəçiliyinə müxtəlif iradə və mənbələr müdaxilə etsəydi, bu koordinasiya və uyğunluq əsla mümkün olmazdı. Doğrusu, nə üçün alimlər kosmik gəmiləri tam dəqiqlklə kosmosa göndərə, stansiyanı öncədən proqnozlaşdırılmış məkanda endirə, sonra onu oradan hərəkət etdirə, öncədən hesablanıb müəyən edilmiş yerdəki məkana endirə, hətta saniyə ilə ölçülən zərərləri müəyyən edə və bunun üçün proqramlar tərtib edə bilirlər? Əgər kainata iki və daha artıq iradə hakim olsaydı, hər birinin bir istəyi olardı və hər biri digərinin təsirinə qarşı çıxardı, nəticədə, dünya dağılardı[7]. Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, yalnız Mənə ibadət edin!”– deyə vəhy etməyək. Onlar dedilər: “Rəhman Allah Özünə övlad götürdü!”. O, pakdır, müqəddəsdir! Onlar (mələklər) Onun layiqli qullardır. Ondan qabaq danışmazlar; (hər zaman) Onun əmrini yerinə yetirərlər. O, onların indiki, gələcək və keçmiş əməllərini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər. Onlardan kimsə: “Mən Ondan başqa bir tanrıyam!” – desə, onu Cəhənnəmlə cəzalandırarıq. Biz zalımları belə cəzalandıracağıq. Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar gedə bilsinlər deyə, orada dərələr və yollar yaratdıq. Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər. Gecəni, gündüzü, günəşi və ayı da yaradan Odur. Onların hər biri bir orbitdə hərəkətdədir. Səndən əvvəl də heç bir bəşərə ölümsüzlük nəsib etmədik. Əgər sən ölsən, onlar həmişəlik qalacaqlar?! Hər kəs ölümü dadacaqdır. Biz sizi pisliklər və yaxşılıqlarla sınağa çəkirik. Sonda siz Bizə doğru qaytarılacaqsınız! —————————————————————————————- Mələklərin şəfaəti: “Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir” cümləsi müşriklərin mühüm inanclarından birini, yən mələklərin insanlara şəfaətçi olması inancını rədd edir. Bəzi müşriklər mələklərə onlara şəfaətçi olacaqlarını və onları Allaha yaxınlaşdıracaqlarını düşünərək ibadət edirdilər (Bax: Yunus surəsi – 18; Zümər – 3). Allah-taala bu ayə ilə onların batil inanclarını rədd edir və bildirir ki, mələklərin şəfaəti yalnız Allahın razı qaldığı şəxslərə şamil olur. Mələklərin şəfaəti dini şirkə bulaşmamış və tövhidlə ziddiyyət təşkil edən şəxslərə şamil olur. Yalnız təkallahlılara şəfaətçi olan mələkləri Allaha şərik qoşub onlardan şəfaət diləyən şəxslərin davranışı çox təəccüb doğurur[8]. Göylərin və yerin yaranış prosesi: Təfsirçilər “göylərlə yer bir olduğu zaman Biz onları bir-birindən araladıq” cümləsi ilə bağlı müxtəlif fikrlər irəli sürmüşlər. Onlar arasında üç təfsir daha ağlabatandır: 1. Göylə yerin bir olması yaranışın başlanğıcına işarədir. Alimlər hesab edirlər ki, bu dünya yandırıcı qazlardan ibarət olan çox böyük bir kütlə halında olmuş, daxili partlayış və hərəkət nəticəsində tədricən parçalara bölünmüş, nəticədə, ulduzlar, planetlər, o cümlədən günəş sistemi və yer kürəsi yaranmışdır. Kainat indi də genişlənməkdədir. 2. Bitişiklik deyilərkən dünyanı təşkil edən maddələrin vahdişəkilli olması nəzərdə tutulur. Dünyanı təşkil edən bütün məddələr vahid şəkildə olmuş, ancaq zaman keçdikcə bir-birindən ayrılıb yeni tərkiblər almış, bitkilər və heyvanlar meydana gəlmiş, yerdə və göydə müxtəlif varlıqlar peyda olmuşdur. Bu varlıqların hər biri özünəməxsus nizam-intizama və xüsusiyyətlərə malikdir. Onların malik olduğu xüsusiyyətlərin hər biri Allahın əzəmətinin, sonsuz elm və qüdrətinin göstəricisidir. 3. Göyün bitişik olması deyilərkən ilk əvvəllər oradan yağış yağmaması nəzərdə tutulur. Yerin bitişk olması deyilərkən ilk vaxtlarda yerdə bitki bitməməsi nəzərdə tutulur. Ancaq Allah-taala hər ikisində açılış etmiş, göydən yağış yağdırmış, yerdən müxtəlif bitkilər bitirmişdir. Əhli-beyt (ə) hədislərinin çoxunda sonuncu təfsirə, bəzilərində isə birinci mənaya işarələr edilmişdir[9]. Su mövcudatın həyatının əsasını təşkil edir: Bütün canlıların həyatı sudan asılıdır. Suyun mənbəyini isə göydən yağan yağışlar təşkil edir. Alimlər hesab edirlər ki, ilk həyat tumurcuqları dənizlərin dərinliklərində meydana gəlmişdir. Buna görə də həyatın başlanğıcını su təşkil edir. Quranda insanın torpaqdan yarandığı deyilərkən, yaddan çıxarmamalıyıq ki, torpaq və sudan təşkil olunmuş palçıq nəzərdə tutulur. Bir nüansı da nəzərdən qaçırmaq olmaz ki, insan və heyvanların çoxunun bədəninin böyük bir hissəsini (70%) su təşkil edir. Bəziləri mələklərin və cinlərin canlı olduqları halda, sudan yaranmadığını deyərək bu fikrə etiraz etmişlər. Ancaq onların cavabı çox sadədir. Onlar ayədə hiss olunan canlıların nəzərdə tutulduğunu nəzərdən qaçırırlar[10]. Göy mühafizə edilən tavandır: Göy deyilərkən ayədə yer kürəsini əhatə edən və qalınlığı yüz kilometrlərlə ölçülən hava qatı nəzərdə tutulur. Hava və qazlardan təşkil olunmuş bu zərif qat əslində, çox möhkəm və müqavimət gücünə malikdir ki, kənardan yerə yaxınlaşan istənilən cismi məhv edir və yer kürəsini hər gün yağan komet yağışından qoruyur. Bundan başqa, atmosfer təbəqəsi Günəşin zəhərli şüalarının yer kürəsinə gəlməsinin qarşısını alır və sanki süzgəc rolunu oynayır[11]. Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edərək: “Sizin tanrılarınıza tənə edən budurmu?”– deyirlər. Məhz onlar Rəhman olan Allahı xatırlamağı inkar edirlər. İnsan (sanki) tələskənlikdən yaradılmışdır. Lakin siz tələsməyin, tezliklə Mən dəlillərimi sizə göstərəcəyəm. Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt yetişəcək?”– deyirlər. Kaş ki, kafirlər üzlərindən və kürəklərindən uzaqlaşdıra bilməyəcəkləri və onlara heç bir köməyin edilməyəcəyi vaxtı(n gələcəyini) biləydilər! (Allahın bu əzabı) onları gözlənilmədən yaxalayacaq və onları heyrətə salacaqdır. Onlar onu dəf edə bilməyəcəklər və onlara aman da verilməyəcəkdir. Səndən əvvəlki elçiləri də məsxərəyə qoymuşdular. Rişxənd edənləri istehza etdikləri şey məhv etdi. De: “Gecə-gündüz sizi mərhəmətli Allahdan kim qoruyur?” Lakin onlar öz Rəblərini xatırlamaqdan üz çevirdilər. Yoxsa onları Bizdən qoruya biləcək tanrılarımı vardır? Onlar hətta özlərinə belə kömək etməyə qadir deyillər. Bizdən də müdafiə oluna bilməzlər. Biz onlara və atalarına ömürləri uzanıncaya qədər xoş güzəran verdik. (Nəticədə, onlar həddi aşdılar.) Məgər onlar Bizim gəlib sürəkli olaraq yerin tərəflərindən (yer əhalisini) əskiltdiyimizi görmürlərmi? Məgər onlar qalibdirlərmi?! ————————————————————————————— Tələskənliyin pislənməsi: Bu ayədə insanın tələskənliyindən danışılır. Hətta ayənin orjnalında “insan tələskənlikdən yaranmışdır” ifadəsi işlənmişdir. İnsan o qədər tələskəndir ki, sanki ondan başqa heç nə bilmir. Məsələn filankəs başdan ayağa pislik və ya yaxşılıqdır, ya o qədər yaxşıdır ki, sanki yaxşılıqdan, ya o qədər pisdir ki, sanki pislikdən yaranmışdır[12]. Tələskənlik bəyənilməyən xüsusiyyətlərdəndir. Dini rəhbərlər və əxlaq alimləri bu xüsusiyyəti çox məzəmmət etmişlər. Əlbəttə, tələsməklə sürəti qarışdırmamaq laızmdır. Sürət proqram tam tənzimləndikdən, bütün cəhətlər hesablandıqdan sonra vaxt itkisinə yol vermədən həyata keçirilən fəaliyyətlərə şamil edilir. Tələskənlik isə proqram tam şəkildə hazır olmadan, tamamlama işlərinin aparılmasına ehtiyac duyulduğu halda, göstərilən fəaliyyətlərə şamil olur. Deməli, sürət bəyənilən bir hərəkət olduğu halda, tələskənlik bəyənilmir[13]. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Zamanı yetişmədən işləri görməyə tələsməkdən, habelə zamanı yetişmiş işləri yerinə yetirməkdə səhlənkarlıq etməkdən çəkin… Hər bir şeyi yerli-yerində et, hər bir işi vaxtında yerinə yetir.”[14] Əzabın nazil olmasına tələsmək: Əvvəlki ayədən belə məlum olur ki, müşriklər Peyğəmbərin (s) çağırışına qarşı olduqlarını nümayiş etdirmək üçün onunla qarşılaşdıqda onu məsxərəyə qoyur, bununla da küfr və günahlarını daha da artırırdılar. Əlbəttə, Allah onlara qarşı onların özü kimi davranmadı. Onlar Peyğəmbərin (s) dəvətini zarafata salıb məsxərəyə qoydular, ancaq Allah onların bu zarafatlarını ciddiyə aldı. Kafirlər Peyğəmbəri (s) hər məsxərəyə qoyduqlarında özlərini ilahi əzaba daha da yaxınlaşdırdılar. Sanki bu hərəkətləri ilə əzaba daha tez düçar olmaq istəyirdilər. Onlar sağlam olduqları vaxt Allahın göstərdiyi əlamətlərdən dərs götürmür, öz əzablarının əlamətlərini gəzirdilər. Buna görə də Allah bu ayədə kafir olduqdan sonra onların istehza etmələrinin səbəbini əzab əlamətlərini görməyə tələsmələri ilə izah edir və tezliklə əlamətlərini onlara göstərəcəyini xəbər verir[15]. Cəhənnəm odu gözlənilməz və vahiməlidir: Cəhənnəm odu gözlənilmədən gələcək, yəni günahkarlar odun haradan gəldiyini və onları necə əhatə etdiyini bilməyəcəklər. Bu məna əslində, öz izahını Allah-taalanın Cəhənnəmi vəsf edərkən buyurduğu “Allahın yandırdığı od. O od ki, qəlblərdən qalxır” (Hüməzə – 7-8), “Siz və Allahdan qeyri ibadət etdiyiniz Cəhənnəmin odunları olacaqsınız” (Ənbiya – 98) ayələrində tapır. Məlumdur ki, belə bir xüsusiyyətə malik olan od insanın daxilini sardığı kimi, zahirini də bürüyəcək. O, daxili zahərdən az yandırmayacaq. Bu od dünya odu kimi dəridən başlayıb daxilə keçmir. Cəhənnəm odu insanın dərisi ilə daxilini birlikdə yandırır. İnsan ondan xilas ola bilmir, ondan yaxa qurtarmaq üçün çıxış yolu tapa bilmir, özü ilə od arasına heç nə çəkə bilmir. Çünki od varlığının dərinliklərindən şölələnir. Buna görə də Cəhənnəm sakinlərinin yeganə reaksiyası yalnız vahimələnməkdən ibarət olur, heç yerə qaça bilmir, özlərini müdafiə edə bilmirlər[16]. Yer sakinlərinin fani olması Allahın qüdrətinin, yaranmışların isə acizliyinin nişanəsidir: Təfsirçilər “Biz gəlib sürəkli olaraq yerin tərəflərindən (yer əhalisini) əskildirik” cümləsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu fikirlər arasında daha ağlabatanı “yer” deyilərkən yer əhalisinin nəzərdə tutulması ilə bağlı olan fikirdr. İnsanlar tədricən və sürəkli olaraq ölüb getdikləri və dünya həyatına vida etdikləri üçün yerin tərəflərindən sürəkli olaraq əskilir. Əhli-beyt (ə) imamlarına aid edilən bəzi hədislərdə bu ayədə alimlərin ölümünün nəzərdə tutulduğu qeyd edilmişdir. Əslində, bu hədislərdə ayənin məzmunun yalnız həmin şəxslərlə məhdudlaşdığına deyil, parlaq nümunələrə işarə edildiyni yaxşı bilirik. Beləliklə, ayədə böyük insanların ölümü, çoxsaylı xalqların qırılması, hətta alimlərin ölümünün xatırlanması özlərindən razı, qürurlu və lovğa kafirlər üçün ibrət dərsi rolunu oynayır. Bununla da onların Allahla mübarizədə məğlub olacaqları onlara başa salınır[17]. De: “Mən sizi ancaq vəhy vasitəsilə xəbərdar edirəm”. Karlar xəbərdar edildikləri vaxt deyilənləri eşitməzlər. Əgər onlara Rəbbinin ən kiçik əzabı belə toxunsa, fəryad qoparıb: “Vay halımıza! Biz zalım olmuşuq”– deyərlər. Biz Qiyamət günü ədalət tərəziləri quracağıq. Heç kəsə cüzi də olsa, ədalətsizlik edilməyəcəkdir. (Gördükləri yaxşı və pis əməl) bir xardal dənəsi ağırlığında olsa belə, onu hazır edəcəyik. Bizim haqq-hesab çəkməyimiz kifayət edər. Biz Musa və Haruna “furqan” (haqqı batildən ayıran), nur və müttəqilərə xatırlatma vasitəsi vermişdik. O müttəqilər ki, öz Rəblərindən gizlində qorxur və Qiyamətdən lərzəyə gəlirlər. Bu, nazil etdiyimiz mübarək bir zikrdir. Siz onu inkarmı edirsiniz? Biz daha öncə İbrahimə də hidayət və inkişaf vasitəsi bəxş etdik. Biz onu tanıyırdıq. Bir zaman o, öz atasına və tayfasına: “Bu cansız heykəllər nədir ki, siz onlara sürəkli sitayiş edirsiniz?” – dedi. Onlar: “Biz atalarımızı onlara ibadət edən görmüşük!” – dedilər. Dedi: “Həqiqətən, həm siz, həm də atalarınız açıq-aydın bir azğınlıq içində olmusunuz”. Onlar: “Sən bizə haqq gətirmisən, yoxsa zarafat edirsən?” – dedilər. Dedi: “Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən buna şahidlik edənlər­­dənəm. Allaha and olsun ki, siz olmayanda bütlərinizi məhv etmək üçün bir plan cızacağam!” ————————————————————————————– Ədalət tərəzisi: Bəziləri hesab edir ki, Qiyamətdə bu dünya tərəzlərinə bənzər tərəzilər qurulacaq. Sonra da fərz edirlər ki, insanların əməlləri orada çəkilmək üçün çəki və ağırlığa malik olacaq. Əslində isə Qiyamətdən bəhs edərkən tərəzi sözündən əməllərin ölçüləcəyini ifadə etmək üçün istifadə edilir. Bildiyimiz kimi, hər bir şeyin özünə uyğun ölçü cihazı vardır. Termometr, barometr və digər ölçü cihazları onlarla ölçülən şeyə uyğundur. Hədislərə əsasən Qiyamətdə ölçü vasitələri peyğəmbərlər, imamlar, əməl dəftərlərində qaranlıq nöqtə olmayan pak və əməlisaleh insanlardır[18]. Böyük və nümunəvi şəxsiyyətlər əməllərin ölçü miqyaslarıdır. Hər kəsin əməli onların əməllərinə bənzərlik dərəcəsi ilə ölçülür. Onların əməllərinə bənzəməyən əməllər ölçüsüz və ya çəkisi az olan əməllər hesab edilir. Allah dostları hətta bu dünyada da ölçü miqyasları hesab edilir. Onlara daha çox bənzəyənlər daha dəyərli insanlardır. Qiyamətdə bu həqiqət özünü aşkar şəkildə büruzə verəcək[19]. Hamı üçün xeyirli və bərəkətli olan bir kitab: Bu ayədə Quran ona görə “mübarək” adlandırılıb ki, o sabit və daimi xatırlatmaya, çoxlu xeyir-bərəkətə malik, həm möminlərə fayda verən, həm də cəmiyyətdə kafirlərin asayişini təmin edən, xülasə, qəbul etsələr də, etməsələr də bütün dünya əhalisi üçün faydalı olan bir kitabdır. Bu iddianın səbəbi bu gün insan cəmiyyətində müşahidə etdiyimiz inkişaf və islahatlardır. Əgər dönüb geriyə, Quranın nazil olduğu və ondan əvvəlki dövrə baxsaq, Quranın bərəkəti sayəsində bəşəriyyətin haradan haraya gəldiyini görər, dildə etiraf etsələr də, etməsələr də dünya əhalisinin Quranın bərəkəti sayəsində hansı inkişafa nail olduğu məlum olar. Əlbəttə, inkarçıların bu həqiqəti inkar etməsində müsəlmanlar da az rol oynanamamışlar. Çünki müsəlmanlar özləri də Qurana riayət etməkdə zəiflik göstərmişlər. Bunu Quran ayəsi də təsdiq edir. Belə ki, Quranda Peyğəmbərin (s) Qiyamət günü şikayətlənərək belə deyəcəyi qeyd edilmişdir: “Ey Rəbbim! Mənim bu ümmətim Qurandan uzaq düşdü.” (Furqan surəsi – 30)[20]. Müşriklərin həzrət İbrahim (ə) tərəfindən təhdid edilməsi: Bu ayədə İbrahimin (ə) dilindən nəql edilən fikir böyük ehtimalla açıq şəkildə deyilmiş bir cümlə deyil, ürəyindən keçirdiyi bir qərar olmuşdur. Çünki əksər vaxtlar qərarlar sözlə ifadə edilir. Məsələn, “artıq demişəm, mən bunu, hökmən, edəcəyəm”. Yəni mən bu işi etməyi qərara almışam. Çox güman ki, bu cümlənin xitab obyekti o dövrün bütün bütpərəstləri olmamışdır. Çünki sözügedən xalq çox güclü və öz bütlərinə qarşı həddən artıq təəssübkeş idi. İbrahim (ə) onlar üçün yad idi. Digər tərəfdən həmin vaxt İbrahmin (ə) yalnız özünün etqad bəslədiyi təkallahlıq inancına dəvətinin ilk çağı idi. Bütün bunlar bir kənara, İbrahimin (ə) öz düşmənini gəldiyi qərardan xəbərdar etməsi və açıq şəkildə “siz olmayanda bütlərinizi məhv etmək üçün plan cızacağam” deməsi ehtiyatsızlıq olardı. Əgər onun bu qərarını açıq-aşkar söylədiyini ehtimal edəriksə, o zaman ən azından bunu şəhərin bəzi sakinlərinin və bu sirri heç kəsin yanında açmayacağını ehtimal etdiyi insanların yanında söylədiyini deməliyik[21]. Nəhayət, (münasib bir vaxt tapıb) onların hamısını sındırıb qırıq-qırıq etdi və yalnız böyüyünü saxladı ki, bəlkə ona müraciət edələr. (Bütləri bu vəziyyətdə gördükdə onlar) dedilər: “Tanrılarımızla bu cür davranan şəxs şübhəsiz ki, zalımlardandır!” (Bir dəstə:) “İbrahim adlı bir gəncin bütlər haqqında pis-pis danışdığını eşitmişik”– dedi. (Başqa bir dəstə:) “Şahidlik etməsi üçün onu camaatın gözləri önünə gətirin!” – dedi. Dedilər: “Tanrılarımızla sənmi belə davrandın, ey İbrahim?” Dedi: “Bəlkə bunu onların böyüyü edib. Əgər danışa bilirlərsə, özlərindən soruşun”. Onlar vicdanlarının səsi ilə öz-özlərinə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra “baş-ayaq çevrilib” (vicdanlarını unudub dedilər): “Axı sən bilirsən ki, bunlar danışmırlar”. (İbrahim) dedi: “Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyənlərəmi tapınırsınız? Ar olsun sizə də, Allahdan başqa tapındıqlarınıza da! Düşünmürsünüzmü?” Dedilər: “Əgər bacarırsınızsa, onu yandırıb tanrılarınıza köməklik göstərin”. (Nəhayət, onu oda atdılar.) Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimi bu planla məhv etmək istədilər, lakin Biz onları insanların ən ziyana uğramışları etdik. Biz onu da, Lutu da xilas edib aləmlər üçün bərəkətli etdiyimiz yerə gətirdik. Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik. —————————————————————————————— İbrahim (ə) yalan danışmadı: İbrahim (ə) peyğəmbər və məsum olduğu, yalan danışması da əsla mümkün olmadığı halda, söylədiklərinin reallıqla üst-üstə düşməməsi təfsirçilər arasında fikir ayrılıqlarına və onların bu ayənin yozumu ilə bağlı fərqli izahlar verməsinə səbəb olmuşdur. İrəli sürülən fikirlər arasında daha məntiqlisi budur: İbrahimin (ə) bu işi böyük bütün üstünə atması danılmazdır. Ancaq bütün əlamətlər onun ciddi olmadığını göstərir. Əslində, o, bu davranışı ilə bütpərəstlərin xurafat və əsassız inanclarını onların üzünə vurmaq, cansız daş və ağacların nəinki yardım istəyənlərin problemlərini həll etmək, hətta bir cümlə belə deyib onlara pərəstiş edənlərdən yardım istəyə bilməyəcək qədər aciz olduqlarını başa salmaq istəmişdi. Biz özümüz də mübahisə zamanı qarşı tərəfin iddialarının əsassız olduğunu ortaya çıxarmaq üçün onun tərəddüdsüz qəbul etdiyi fikirləri nəqli və ya sual cümləsi formasında onun özünə təqdim edirik. Bu metodun yalanla uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Yalan heç bir kontekst və müəyyənləşdirici əlaməti olmayan sözlərdir. İmam Sadiq (ə) buyurmuşdur: “İbrahim (ə) bu sözləri onları islah etmək və bütlərin belə bir iş görə bilməyəcəyini söyləmək üçün söyləmişdir.” Sonra İmam (ə) buyurmuşdur: “And olsun Allaha, o bütlər belə bir şey etməmiş və İbrahim yalan söyləməmişdir.”[22] 68-69. İbrahimin (ə) yandırılmasına qərar verilməsi və odun gülüstana çevrilməsi: Müşriklərin İbrahimi (ə) yandırmaq qərarına gəlməsi və odun gülüstana çevrilməsi ilə bağlı çoxlu hədislər nəql edilmişdir. Burada bir neçə nüansa işarə edəcəyik: Deyilənə görə İbrahimi (ə) yandırmaq üçün qalanan tonqal o qədər böyük olmuşdur ki, quşlar həmin ərazidən uçub keçə bilməmişdir. Təbii ki, belə bir tonqala yaxın durmaq olmazdı. Buna görə də İbrahimi (ə) bu böyük odun içinə atmaq üçün mancanaqdan istifadə etmişlər. Hədislərin birində belə qeyd edilmişdir: İbrahimi (ə) mancanağa qoyub oda tullamaq istədikləri vaxt yer, göy və mələklər fəryad qoparıb Allahdan bu tövhid qəhrəmanını qorumasını istəyirlər. Cəbrail (ə) İbrahimin (ə) yanına gəlib deyir: “Bir ehtiyacın varmı?” İbrahim (ə): “Sənə yox” – deyə cavab verir. Bu vaxt Cəbrail ona deyir: “Onda ehtiyac duyduğunu Allahdan istə”. O isə belə cavab verir: “Onun mənim vəziyyətimdən xəbərdar olması kifayətdir”. Hədislərin birində qeyd edilir ki, onu oda atan zaman Allah oda: “Sərin ol!” – deyə əmr edir. Od elə soyuyur k, soyuqdan İbrahimin (ə)  dişləri bir-birinə dəyir. Allah oda: “Zərərsiz ol!” – deyə əmr edir. Bu vaxt zadəganlardan biri deyr: Mən oda onu yandırmamasını dedim. Bu vaxt tonqaldan bir od sıçrayıb onu yerindəcə yandırır[23]. Hər kəs üçün faydalı olan nüanslardan biri budur ki, bəzən insan səbəblər aləminə elə qərq olur ki, təsir və xassələrin varlıqların özünə aid olduğunu güman edir, mövcudata bu xassələri verən varlığı unudur. Deməli, Allah bəzən insanları ayıltmaq üçün bəzi şeylərin səbəb olmaq xüsusiyyətini onlardan alır, bəzisinə isə səbəb olma xüsusiyyəti verir. Bəzi varlıqlara onlar üçün səciyyəvi olmayan xassəni verir, eyni zamanda bəzilərini onlar üçün spesifik olan xassədən məhrum edir. Bununla da onların öz-özlərində heç nəyə malik olmadığını başa salır. Diqqətləri bu həqiqətlərə yönəltməklə möminlərdə təvəkkül və bəndəlik ruhunu dirildir, oyaq saxlayır, Allahdan qeyrisini düşünməməyə, Ondan qeyrisindən yardım istəməməyə yönləndirir. Möminlər problemlər odunun söndürülməsini yalnız Ondan istəyirlər, düşmənlərin məhv edilməsini Ondan xahiş edirlər, yalnız Onu görür, Ondan başqasından heç nə təmənna etmirlər[24].   Biz Öz hökmümüzlə onları (insanlara) doğru yolu göstərən rəhbərlər etdik. Onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər. Lutu da (yada sal!) Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, çirkin işlər görən bir şəhərdən xilas etdik. Çünki onlar çirkin və pozğun insanlar idilər. Onu Öz rəhmətimizə daxil etdik. O, əməlisalehlər­­dən idi. Nuhu da (yada sal!) Daha öncə dua etdiyində Biz onun duasını qəbul etdik, özünü və ailəsini böyük qəm-qüssədən qurtardıq! Onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Çünki onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq. Davudu və Süleymanı da (yada sal!) Bir zaman onlar camaatın çobansız qoyunlarının gecə vaxtı girib otladığı (və bərbad hala saldığı) bir əkin sahəsi barəsində hökm vermişdilər. Biz onların hökmünə şahid idik. Biz onu (əsl hökmü) Süleymana başa saldıq. Onların hər ikisinə hökmranlıq və çoxlu elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün ram etdik. Bunu Biz etdik. Biz ona (Davuda) sizi döyüşlərdə qoruması üçün zireh düzəltməyi öyrətdik. Siz şükür edirsinizmi? Güclü əsən küləyi Süleymana ram etdik. Onun əmri ilə bərəkət verdiyimiz yerə tərəf əsərdi. Biz hər şeydən xəbərdar idik. ———————————————————————————– İmamət – maddi və mənəvi rəhbərlik: Bu ayədə daha öncə adları çəkilmiş peyğəmbərlərə işarə edilir, insanların rəhbər və liderləri olduqları qeyd edilir. Ayədə bildirilir ki, Allah-taala bu peyğəmbərlərə peyğəmbərliklə yanaşı imamlıq, rəhbərlik də vermişdir. İmamət insanların maddi və mənəvi, zahiri və batini, cismani və ruhani yönlərinin bütün cəhətlərinə rəhbərlik mənasını ifadə edən ən son kamillik dərəcəsidir. Peyğəmbərliklə imamətin fərqi ondadır ki, peyğəmbərlər nəbilik və elçilik məqamında yalnız Allahın əmrini almaq və onu müjdə və xəbərdarlıq şəklində insanlara çatdırmaq öhdəliyi daşıyırlar. Ancaq imamət mərhələsində onlar ədalətli hökumət qurmaqla və ya hökumət olmadan da bu proqramları icra öhdəliyi daşıyırlar. Bu mərhələdə onlar tərbiyəçi, hökm və proqramların icraçısı, insanların təlim-tərbiyəçisi, pak, təmiz və insani mühit yaratmaq vəzifəsi yerinə yetirirlər. İmamət məqamı bütün ilahi proqramların həyata keçirilməsi məqamıdır. Başqa sözlə desək, obyektiv və subyektiv yönləndricilik, insanları məqsədə çatdırmaq məqamıdır. Bu cəhətdən imam öz şüaları ilə bütün canlıların həyatını təmin edən günəşə bənzəyir[25]. Davud və Süleyman – Allahın təyin etdiyi hakimlər: Bu və sonrakı ayədə həzrət Davud (ə) və Süleymanın (ə) hökm çıxarma əhvalatına işarə edilmişdir. Əhli-beyt (ə) hədislərindən bizə gəlib çatan məlumatlarda qeyd edilir ki, gecə vaxtı bir sürü üzüm bağına daxil olub üzümlərin yarpaqlarını və meyvələrini yeyərək bağı bərbad hala salır. Bağ sahibi Davudun yanına şikayətə gəldiyində Davud dəymiş ziyan qarşılığında bütün qoyunların bağ sahibinə verlməsinə hökm verir. Həmin vaxt azyaşlı olan Süleyman atasına çıxardığı hökmü əvəz etməsini, südündən və yunundan istifadə etməsi üçün qoyunların bağ sahibinə verilməsini, dəymiş ziyanı aradan qaldırması, bağı əvvəlki vəziyyətinə salması üçün sürü sahibinə verilməsi, bağ əvvəlki vəziyyətinə qaytarıldıqdan sonra bağın və qoyunların öz sahiblərinə qaytarılmasını təklif edir. Sonrakı ayə Allah-taala tərəfindən Süleymanın hökmünün təsdiqləndiyini göstərir[26]. Burada iki nüansa diqqət yetirmək lazımdır: Birincisi, Davud (ə) və Süleyman (ə) bağ sahibinin xəsarətinin qoyunların sahibi tərəfindən aradan qaldırılmasında yekdil olmuş, sadəcə, icra formasında fərqli metodlar təklif etmişdilər. Davudun belə bir hökm çıxarmasının səbəbi bəlkə də dəymiş ziyanın qoyunların qiymətinə bərabər olması ilə bağlı olmuşdur. Buna görə də Davud qoyunların bağ sahibinə verilməsinə hökm etmişdir. Amma Süleyman daha sadə həll yolu təklif etmişdir. “Biz onların hökmünə şahid idik” və “onların hər ikisinə hökmranlıq və çoxlu elm bəxş etdik” cümlələri hər iki peyğəmbərin Allahın hökmü əsasında hökm çıxardığını və hər iki hökmün Allah tərəfindən məqbul sayıldığını göstərir. Amma onların birinin çıxardığı hökm digərindən daha asan olmuşdur. Hədislərdə yazılanlara görə Davud özündən əvvəlki peyğəmbərlərin metodu ilə hökm etmişdir. Lakin Allah Süleymana (ə) bundan sonra hökmün fərqli şəkildə icra ediləcəyini vəhy etmişdir. İkinci nüans budur ki, Quran ayələrinə əsasən Davud (ə) həmin vaxt Allahın yer üzündəki xəlifəsi, Allah tərəfindən təyin edilmiş hökmdar idi. İcra ediləcək olan hökm onun hökmü olmalı idi. Süleymana (ə) gəldikdə isə, əlbəttə ki, o, atasının icazəsi ilə hökm vermiş və bu da səbəbsiz olmamışdır. Yoxsa ki, bir hadisə ilə bağlı iki hökm çıxarılmasının və çıxarılan hökmlərin hər birinin də ayrı-ayrılıqda keçərli olmasının heç bir mənası olmazdı. Deməli, Davud və Süleymanın hökm verməsi deylərkən əslində, onların ayrı-ayrılıqda hökm verməsi deyil, məsləhətləşməsi nəzərdə tutulur. İmam Sadiqin (ə) bir hədisində bu fikir açıq şəkildə ifadə edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) buyurur ki, həzrət Davud (ə) bu addımı ilə öz canişinini İsrail oğullarına tanıtdırmaq və Süleymanın (ə) bu məqama layiq olduğunu başa salmaq istəmişdir[27]. Şam Süleymanın vətəni və bərəkətli bir məmləkətdir: Bərəkətli yer deyilərkən burada Süleymanın yaşadığı Şam nəzərdə tutulmuşdur[28]. Şeytanlar arasından onun üçün dalğıclıq edən və bundan başqa işlər görənlər də var idi. Biz onları nəzarətimiz altında saxlayırdıq. Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbini çağırıb demişdi: “Çətinlik və əzab-əzyyətlərə məruz qalmışam. Sən rəhimlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və düçar olduğu bəlanı aradan qaldırdıq. Tərəfimizdən bir mərhəmət və ibadət edənlər üçün bir xatırlatma olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik. İsmaili, İdrisi və Zülkifli də (yada sal!) Hamısı səbir edənlərdən idilər. Biz onları rəhmətimizə qovuşdurduq. Çünki onlar əməlisalehlərdən idilər. Zün-nunu (Yunisi) da (yada sal!) Bir zaman o, qəzəbli (qövmündən) getmiş və onu sıxmayacağımızı (həyatı ona dar etməyəcəyimizi) güman etmişdi. Sonra da zülmətlər içində çağırıb demişdi: “Səndən başqa heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən zülm edənlərdən olmuşam!” Biz onun duasını qəbul etdik və həmin qəm-qüssədən xilas etdik. Biz möminləri belə xilas edirik! Zəkəriyyanı da (xatırla!) Bir zaman o yalvarıb demişdi: “Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!” Biz də onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini (hamilə qalmağa) hazır etdik. Çünki onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizi çağırardılar. Onlar Bizə müti idilər. —————————————————————————————– Şeytanların Süleymana (ə) xidmət göstərməsi: Bu ayədə şeytanlar kimi təqdim edilən varlıqlar “Səbə” surəsinin 12-13-cü ayələrində cin adlandırılmışdır. Bu ikisi bir-bri ilə təzad təşkil etmir. Çünki şeytanlar da cinlərdəndir. “Cin” surəsində bu mövzu haqqında bir qədər geniş məlumat verəcəyik. “Sad” və “Səbə” surələrinin ayələri, habelə bu ayə əsasında məlum olur ki, Süleymana (ə) tabe olan bu cinlər ağıllı, zirək, müxtəlif bacarıq və qabiliyyətləri olan cinlər olmuşlar. Onlar dənizdə Süleyman (ə) üçün dalğıclıq edir, dənizin altından ləl-cəvahirat və qiymətli əşyalar gətirirmişlər. “Bundan başqa işlər görərdilər” cümləsi “Səbə” surəsinin 13-cü ayəsində geniş şəkildə deyilənlərin icmalıdır. Həmin ayədə Allah-taala belə buyurmuşdur: “Onlar Süleyman nə istəyirdisə, qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər.”[29] Süleymana (ə) aid olan digər ayələrdən, o cümlədən “Sad” surəsinin 38-ci ayəsindən belə məlum olur ki, Süleyman (ə) itaət göstərməyən bir dəstə şeytanı da ram etmişdi. “Biz onları nəzarət altında saxlayırıq” cümləsində Süleymanın (ə) xidmətində olan bu dəstənin itaətdən boyun qaçırmasının qarşısının alınmasına işarə edilə bilər[30]. Əyyubun (ə) əhvalatının qısa məzmunu: Bir nəfər İmam Sadiqdən (ə) Əyyubun başına gələn bəla haqqında soruşduqda “əhvalatın qısa məzmunu belədir”, – deyə buyurmuşdu: Əyyubun bəlası hər hansı nemətə nankorluq etməsi ucbatından olmamışdı. Əksinə, o, daha çox şükür etdiyi üçün bu bəla və çətinliklərə məruz qalmışdı. Şeytan onun çox-çox şükür etməsinə paxıllıq edərək üzünü Allah dərgahına tutub demişdi: Ona görə bu qədər şükür edir ki, ona zəngin həyat və bol nemət bəxş etmisən. Əgər dünya nemətlərini ondan alsan, əsla Sənə şükür etməz. Məni onun dünyasına hakim et, onda görərsən məsələ mən dediyim kimidir. Allah-taala bu hadisəni haqq yolunun bütün yolçularına örnək etmək üçün Şeytana bu icazəni verir. O, Əyyubun (ə) övladlarını bir-bir onun əlindən alır. Ancaq bu bəlalar onun şükürünü azaltmaq əvəzinə daha da çoxaldır. Şeytan Allahdan Əyyubun (ə) əkin sahələrinin və qoyunlarının onun ixtiyarına verilməsini istəyir. Bu icazə verildikdən sonra Şeytan əkin sahələrinə od vurur, qoyunların axırına çıxır. Əyyubun (ə) şükürü yenə azalmır. Nəhayət Şeytan Əyyubun (ə) bədəninə təsir edə bilməyi, onu xəstələndirməyi Allahdan istəyir. Buna da icazə verilir. Əyyub (ə) elə xəstələnir ki, hətta xəstəliyin şiddətindən hərəkət etməyə taqəti olmur, ancaq ağlı və düşüncəsi yerində qalır. Xülasə, malik olduğu nemətlər biri-digərinin ardınca Əyyubdan (ə) alınır. Amma Əyub (ə) şükürdən əl çəkmir. Hətta iş o yerə çatır ki, onu görməyə gələn bir dəstə rahib deyir: “Hansı böyük günaha batmısan ki, belə bir bəlaya düçar olmusan?” Beləcə, ona qarşı məzəmmət və tənələr yağmağa başlayır. Bu hərəkətlər Əyyuba (ə) çox ağır gəlir və o, belə deyir: “Rəbbimin izzətinə and olsun ki, yetimlər, zəiflər və yoxsullar süfrədə mənimlə oturmayınca ağzıma bir tikə belə aparmamışam. Allahın yerinə yetirməli olduğum hökmləri ilə qarşılaşdıqda ən çətinini seçmişəm.” Əyyub (ə) bütün sınaqların öhdəsindən səbir və şükür etməklə gəldikdən sonra əlini duaya qaldıraraq çox ədəbli şəkildə, heç bir şikayətə yol vermədən dua edir. Bu zaman Allahın rəhmət qapıları üzünə açılır, çətinlikləri sürətlə aradan qalxır, Allahın nemətləri əvvəlkindən də çox olur, Allah-taala övladlarını dirildir, hələ üstəlik ona əlavə övladlar da bəxş edir[31]. Zülkifl: Böyük ehtimalla o, Bəni-İsrail peyğəmbərlərindən olmuşdur. “Kifl” sözünün mənası nəsib, öhdəlik və məsuliyyətdir. Etdiyi çoxlu ibadətlər və yaxşı əməllər qarşılığında Allah-taala ona çoxlu savab verdiyi üçün o, Zülkifl (çoxlu fayda sahibi) adlanmışdır. Bəziləri hesab edir ki, o, gecələri ibadət etməyi, gündüzləri oruc tutmağı, hökm edərkən qəzəblənməməyi əhd etdiyi və sona qədər əhdinə sadiq qaldığı üçün Zülkifl adlanmışdır. Bəzilərinə görə Zülkifl İlyasın ləqəbidir[32]. İsmətini qoruyan Məryəmi xatırla! Biz Öz ruhumuzdan ona üfürdük, onu və oğlunu aləmlərə bir əlamət etdik. Bunlar hamısı (böyük peyğəmbərlər və onların davamçıları) vahid bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! Lakin onlar dinlərini parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaq. Kim mömin olduğu halda yaxşı işlər görsə, əziyyəti boşa çıxmaz (mükafatı tamamilə verilər). Şübhəsiz ki, Biz onun bütün əməllərini yazırıq. Məhv etdiyimiz kəndlər və şəhərlərə qadağa qoyulmuşdur və onlar əsla geri qayıtmaz. Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar yüksəkliklərdən sürətlə keçib gəldikləri zaman; haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri qorxudan bərələcəkdir. (Deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zülmkar olmuşuq!” Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəmin odunu olacaqsınız. Hamınız oraya girəcəksiniz. Əgər bunlar tanrı olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar. Onlar orada inildəyəcək və heç nə eşitməyəcəklər. Daha öncə tərəfimizdən yaxşı vəd verilmiş insanlara (əməlisaleh möminlər)ə gəldikdə isə, onlar ondan uzaq tutulacaqlar. —————————————————————————————— Məryəmin (ə) böyüklüyü: Məryəmin (ə) böyüklüyü ondadır ki, peyğəmbərlərdən olmadığı halda, adı Quranda peyğəmbərlərlə eyni sırada çəkilmişdir. Dünyaya qayıtmaq qadağandır: Bu ayədə ilahi əzabı gördükdən, öldükdən və Bərzəx dünyasına getdikdən sonra gözləri önündən qürur pərdəsi çəkilmiş, “kaş bütün günahlarımızı yumaq üçün dünyaya qayıdaydıq”, – deyə arzu edən insanlardan danışılır. Ancaq Quran onların qayıdışının tamamilə qadağan olunduğunu və günahlarını yumaq üçün artıq heç bir çıxış yolunun olmadığını açıq şəkildə ifadə edir. Bu ayə eynilə “Muminun” surəsinin 99-cu ayəsinə bənzəyir. Həmin ayədə Allah-taala belə buyurmuşdur: “Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: “Ey Rəbbim! Məni geri qaytar. Bəlkə tərk etdiyim yaxşı əməlləri edəm”. Əsla!”[33] Yəcuc və Məcucun yolunun açılacağı vaxt: Yəcuc və Məcuc haqqında “Kəhf” surəsinin 94-cü ayəsində məlumat vermişk. Bu iki tayfanın yolunun açılması deyilərkən səddin dağılması və bu vasitə ilə onların dünyanın digər regionlarına təsiri və ya hər tərəfdən dünyaya nüfuz göstərəcəkləri nəzərdə tutulur. Sözügedən ayədə bu mövzu geniş şəkildə ifadə edilməmiş, onların təkcə yer üzünə yayılması, bunun Qiyamət əlaməti olmasına işarə edilmişdir[34]. “Kəhf” surəsinin 97-98-ci ayələrində Zülqərneynin əhvalatı qeyd edildikdən, onun Yəcuc və Məcuc səddi çəkməsinə işarə edidikdən sonra o bəndin Yəcuc və Məcucun keçə bilməyəcəyi, hətta dəlik belə aça bilməyəcəyi şəkildə möhkəm və yüksək olduğuna işarə edilmişdir. Odda olan məbudlar, oddan uzaq olan məbudlar: İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Ənbiya” surəsinin 98-ci ayəsi nazil olduqdan sonra ayəni eşidən Məkkə əhalisi çox qorxu keçirdi. Şəhərə daxil olduğunda qüreyşlilərin mütəmadi olaraq bu ayədən danışdığını görən Abdullah ibn Zəbəri soruşur: Bu, Mühəmmədin sözüdür? “Bəli”, – deyə cavab verirlər. O deyir: “Əgər özü bunu etiraf etsə, onunla mübahisəyə qalxacağam”. Nəhayət onu Mühəmmədlə görüşdürürlər. İbn Zəbəri soruşur: Söylədiyin cümlə təkcə biz və tanrılarımız haqqındadır, yoxsa bütün bütpərəst xalqlar və onların tanrıları haqqındadır? Peyğəmbər (s) buyurur: Siz və tanrılarınız, bütün ümmətlər və onların tanrıları haqqındadır. Yalnız Allahın Özünün istisna etiyi şəxslər xaricdir. İbn Zəbəri deyir: And olsun tanrıya ki, bu dəqiqə sənin cavabını verəcəyəm. Nəsranilərin İsa və anasına ibadət etdiklərini bildiyin halda İsa haqqında yaxşı və xeyirli sözlər danışan sən deyildinmi? Habelə bir qup insan mələklərə sitayiş edir. Onda onlar və ibadət etdikləri odda deyillər? Əgər oddadırlarsa, deməli, İsa və mələklər də odda olacaq? Peyğəmbər (s) buyurur: Xeyr, İsa və mələklər odda deyil. Bunu eşidən qüreyşlilər hay-küy salıb gülüşərək deyirlər: İbn Zəbəri səni yaxşı susdurdu. Peyğəmbər (s) buyurur: Siz mənim sözümü başa düşmədiniz və əbəs yerə hay-küy saldınız. Məgər mən “Allahın istisna etdikləri xaricdir”, demədimmi? Bunu deyərkən Allahın “daha öncə tərəfimizdən yaxşı vəd verilmiş insanlar” ayəsini nəzərdə tutmuşdum.”[35] Qiyamətdə kimlər əzabdan uzaq olacaq? Hədislərinin birində Peyğəmbərin (s) İmam Əliyə (ə) xitabən belə buyurduğunu oxuyuruq: “Ey Əli! Sən və şiələrin hovuzun kənarındasınız, dostlarınıza su verir, düşmənlərinizi ondan məhrum edirsiniz. Siz insanların narahatlıq keçirdiyi böyük gün əmin-amanlıqda və Allahın ərşinin kölgəsindəsiniz. Hamı qorxu içindədir, siz qorxmursunuz, insanlar qəm-qüssə içindədir, sizin heç bir qəminiz yoxdur. “Daha öncə tərəfimizdən yaxşı vəd verilmiş insanlar”, habelə “ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu, sizə vəd olunmuş gününüzdür!”– deyəcəklər” ayəsi sizin haqqınızda nazil olub.”[36] Onlar Cəhənnəm odunun səsini eşitməyəcəklər. Ürəkləri istədiyi şeydə əbədi qalacaqlar. Ən böyük dəhşət belə onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: “Bu, sizə vəd olunmuş gününüzdür!”(– deyəcəklər.) O gün göyü yazılı dürmək kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Bu, bizim verdiyimiz vəddir. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik. Biz zikrdən (Tövratdan) sonra Zəburda da yazmışdıq ki, yer üzünə Mə­­nim əməlisaleh qullarım varis olacaqlar. Bunda ibadət edənlər üçün bir bildiriş vardır. Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik. De: “Mənə vəhy olunan yalnız budur ki, sizin tanrınız tək olan Allahdır. Təslim olursunuzmu?” Əgər onlar üz döndərsələr, de: “Mən sizn hamınıza bərabər səviyyədə təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm. Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir. Mən bilmirəm, bəlkə də bu, sizi sınaqdan keçirtmək və müəyyən müddətə qədər faydalanmağınız üçündür”. (Peyğəmbər) dedi: “Ey Rəbbim! Ədalətlə hökm ver! Rəbbimiz sizin aid etdiyiniz sifətlərə qarşı yardım dilədiyim Rəhmandır”. —————————————————————————————– Qiyamətin böyük qorxusu: Qorxu deyilərkən burada dünyanın sonunda sur çalınarkən yaranan qorxu nəzərdə tutulur. “Nəml” surəsinin 87-ci ayəsində belə buyurulmuşdur: “(Xatırlayın!) Sur çalınacağı gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək.”[37] Göyün dürmələndiyi gün: Keçmiş zamanlarda məktub və kitab yazmaq üçün lüləşəkilli vərəqlərdən istifadə olunurdu. Bu lülələr bir-birinə bükülürdü. Yazı yazmağa onun bir tərəfindən başlanılırdı. Yazı sona yetdikdən sonra dürmək bir kənara qoyulurdu. Buna görə də həm məktublar, həm də kitablar dürmək şəklində olurdu. Sözügedən dürməyə ərəb dilində “sicl” deyilir. Ayədə dünyanın sonu çatdığı vaxt varlıq aləminin dürməyinin bükülməsi ilə bağlı çox incə bir bənzətmə aparılmışdır. Bu gün həmin dürmək açıqdır, bütün şəkilləri və xətləri oxunur, hər bir xətt və şəkil öz yerindədir. Ancaq Qiyamət əmri yetişdiyində bu böyük lülə bütün xətləri və şəkilləri ilə birlikdə büküləcək. Əlbəttə, dünyanın bükülməsi onun tamamilə məhv olması demək deyil, onun bir-birinə çırpılıp toplanmasıdır. Başqa sözlə desək, dünyanın forması dəyişəcək, ancaq maddəsi dəyişməyəcək. Bu, dirilişdən bəhs edən müxtəlif ayələrdən, xüsusilə insanın çürümüş sümüklərinin yenidən toplanacağından və qəbirdən qalxacağından bəhs edən ayələrdən daha yaxşı başa düşülür[38]. Əməlisaleh bəndələr yer üzünün varisləridir: Varis deyiləkən heç bir alqı-satqı olmadan malın bir nəfərdən başqasına keçməsi başa düşülür. Yerin varisləri deyilərkən yer üzünün mənfəətləri üzərindəki hökmranlığın başqalarından əməlisalehlərə keçməsi, yer üzünün bərəkətinin onlara aid olması nəzərdə tutulur. Sözügedən bərəkətlər dünyəvi nemətlər, yəni əməlisaleh bəndələrin dünya həyatından bəhrələndiyi dünya nemətləri kimi də başa düşülə bilər. Belə olan halda, ayənin ümumi məzmunu belə olur: Yer üzü tezliklə şirk və günah çirkabından təmizlənəcək, Allaha bəndəlik edən, Ona şərik qoşmayan əməlisaleh insan cəmiyyəti təmizlənmiş dünyada yaşayacaq. “Nur” surəsinin 55-ci ayəsində də bu mövzuya işarə edilmişdir. Ayədə qeyd olunan bərəkətlər axirət dünyasına da aid ola bilər. Axirət dünyasına aid olan bərəkətlər deyiləkən Allaha yaxınlıq, irs deyiləkən isə onların Cənnətin sahibi olacağı nəzərdə tutulur. Belə ki, Allah-taala “Zümər” surəsinin 74-cü ayəsində Cənnət sakinlərinin dilindən belə buyurmuşdur: “Həmd və səna bizə verdiyi vədini yerinə yetirən və bizi yerə varis edən Allaha məxsusdur! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq…” Deməli, nəzər nöqtəsi olan ayə həm bu dünya, həm də axirət haqqındadır. Yəni dünya və axirət nemətləri və bərəkətləri əməlisaleh insanlara məxsus olacaq. Əhli-beyt (ə) hədislərində İmam Mehdi (ə) və onun səhabələrinin quracağı dövlət bu ayənin ən parlaq nümunələrindən biri kimi təqdim edilmişdir. Bu da dünya nemətlərinin və bərəkətlərinin sonda əməlisaleh insanlara aid olduğunu göstərir[39]. İlahi əzabın təxirə düşməsinin iki səbəbi: Bu ayədə ilahi əzabın təxirə düşməsi ilə bağlı iki səbəb qeyd edilmişdir: Birinci səbəb sınaqla bağlıdır. Allah insanları tam şəkildə sınamayınca əzab göndərməyə əsla tələsmir. İkinci səbəb isə möhlətlə bağlıdır. Sınaqları başa çatmış, əzabları qətiləşmiş şəxslərin əzabı daha ağır olsun deyə, nemət içində boğulmaları üçün Allah onların nemətlərini artırır. Ağrı-acını daha kəskin şəkildə dadsınlar, məhrumların və zülmə məruz qalmışların əzab-əziyyətlərini daha yaxşı hiss etsinlər deyə, tamamilə zövq-səfaya daldıqları vaxt əzab qamçısını endirir[40]. [1] Əl-Mizan, c.14, səh.244 [2] Nümunə, c.13, səh.353 [3] Əl-Mizan, c.14, səh.251 [4] Nümunə, c.13, səh.363 [5] Əl-Mizan, c.14, səh.263 [6] Ətyəbül-bəyan, c.9, səh.152 [7] Nümunə, c.13, səh.381 [8] Əl-Mizan, c.14, səh.378 [9] Nümunə, c.13, səh.394 [10] Nümunə, c.13, səh.396 [11] Nümunə, c.13, səh.398 [12] Əl-Mizan, c.14, səh.290 [13] Nümunə, c.13, səh.313 [14] Nəhcül-bəlağə, 53-cü məktub [15] Əl-Mizan, c.14, səh.290 [16] Əl-Mizan, c.14, səh.291 [17] Nümunə, c.13, səh.415 [18] Nümunə, c.13, səh.431 [19] Pəyame-Quran, c.6, səh.160 [20] Əl-Mizan, c.14, səh.298 [21] Əl-Mizan, c.14, səh.300 [22] Nümunə, c.13, səh.438 [23] Nümunə, c.13, səh.445 [24] Nümunə, c.13, səh.447 [25] Nümunə, c.13, səh.454 [26] Nümunə, c.13, səh.466 [27] Əl-Mizan, c.14, səh.312 [28] Əl-Mizan, c.14, səh.315 [29] Nümunə, c.13, səh.475 [30] Nümunə, c.13, səh.475 [31] Nümunə, c.13, səh.479 [32] Nümunə, c.13, səh.483 [33] Əl-Mizan, c.14, səh.318 [34] Nümunə, c.13, səh.502 [35] Əl-Mizan, c.14, səh.335 [36] Əl-Mizan, c.14, səh.337 [37] Əl-Mizan, c.14, səh.329 [38] Nümunə, c.13, səh.512 [39] Əl-Mizan, c.14, səh.331 [40] Nümunə, c.13, səh.530

QURANI KƏRIM 08.02.2025

“Taha” surəsi xülasə təfsiri və tərcüməsi

“Taha” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ta, Ha. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu yalnız (Allahdan) qorxanlara xatırlatma olsun deyə göndərdik. (Bu Quran) yeri və uca göyləri yaradan tərəfindən nazil olmuşdur. Ərşə hakim olan Rəhman (tərəfindən). Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur. Sən açıq-aydın danışsan da (danışmasan da, fərqi yoxdur). O, sirləri, (hətta) daha gizli olanı da bilir. O, Özündən başqa tanrı olmayan Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur! Musanın xəbəri sənə çatıbmı? O zaman o, (uzaqdan) bir od görüb ailəsinə demişdi: “Ayaq saxlayın! Mən bir od gördüm. Bəlkə ondan sizə bir köz gətirdim, ya da bu od vasitəsilə bir yol tapdım!” Oda yaxınlaşdıqda bir səs gəldi: “Ey Musa! Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən! ————————————————————————————— İman və gözəl əməlin cazibəsi: İman və saleh əməl qeyri-adi cazibəyə malikdir. İnsanın ruhuna, fikrinə, danışığına və əməlinə yansıyan təkallahlıq inancı və peyğəmbərinə etiqad, yüksək əxlaq, təqva, təmizlik, paklıq, düzlük, dürüstlük, əmanət, şücaət, fədakarlıq, güzəşt formalarında təzahür edir, nəticədə, yüksək cazibə və çəkicilik yaradır. Hətta günaha aludə olmuş insanlar da pak insanlardan zövq alır, özləri kimi pak olmayanlara nifrət edirlər. Buna görə də özlərinə ortaq seçmək istədikdə ortaqlarının pak, nəcib, əmanətdar və dürüst insan olmasına üstünlük verirlər. Bu, təbii haldır, eyni zamanda Allahın mömin və saleh bəndəsinə bəxş etdiyi, bir ucu o dünyaya qədər uzanıb gedən ilk mükafatıdır. Bu ayənin nazilolma səbəbi ilə bağlı Peyğəmbərdən (s) nəql edilmiş çoxlu sayda hədis ayənin İmam Əli (ə) haqqında nazil olduğunu göstərir. Hədislərinin birində Peyğəmbərin (s) İmam Əliyə (ə) belə buyurduğu qeyd edilmişdir: “De: Ey Rəbbim! Mənim üçün dərgahında bir əhd təyin et və məhəbbətimi möminlərin qəlbinə sal!” Elə bu vaxt sözügedən ayə nazil olmuşdur. Bəlkə də İmam Əlinin (ə) aşağıdakı hədisinin məzmunu məhz elə bu həqiqətlə işarədir: “Əgər bu qılıncla bir möminin burnuna vursam, mənimlə düşmənçilik etməyəcək. Əgər məni sevməsi üçün bütün dünyanı münafiqə versəm, məni sevməz. Çünki Allahın hökmü təhsil almamış Peyğəmbərin (s) dilindən cari olmuş və o həzrət belə buyurmuşdur: Ya Əli, mömin səninlə düşmənçilik etməz, münafiq isə səni sevməz” Əlbəttə, bu ayənin Əli (ə) haqqında nazil olması onun məzmununun bütün möminləri əhatə etməsinə mane olmur[1]. “Taha” surəsinin ümumi məzmunu: Bu surənin məzmununu ümumiləşdirərək beş yerə bölmək olar: 1. Quranın əzəməti ilə bağlı qısa bir anotasiya, Allahın əzəmət və gözəllik bildirən dəlilləri; 2. Həzrət Musanın (ə) səksəndən çox ayəni əhatə edən əhvalatı; 3. Öldükən sonra dirilmə və dirilmənin xüsusiyyətlərinin bir hissəsi; 4. Quran və onun əzəməti; 5. Adəm və Həvvanın əhvalatı; 6. Bütün möminlərə ünvanlanmış ayıldıcı nəsihət[2]. Ta, Ha: Müqəttəə hərfləri ilə bağlı “Bəqərə” surəsinin birinci ayəsinin təfsirində açıqlamalar vermişik. Təfsirçilər bu ayə ilə bağlı diqqət tələb edən fikirlər söyləmişlər. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Taha” Peyğəmbərin (s) adlarından biridir. Hərflərin simvolizə etdiyi məna belədir: “Talibul-həqq, əl-Hadi iləyh” (haqqı tələb edən, ona doğru yönləndirən). “Taha” da “Yasin” kimi tədricən İslam peyğəmbərinin adlarından birinə çevrilmişdir. Hətta Peyğəmbər ailəsinə (ə) də Taha ailəsi deyilmişdir. “Nüdbə” duasında həzrət Mehdi (ə) “ey Tahanın oğlu”, – deyə çağırılır[3]. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən: Bu ayənin nazilolma səbəbini ehtiva edən çoxlu sayda hədislərdə bildirilir ki, Quran və vəhy nazil olduqdan sonra İslam peyğəmbəri (s) çox ibadət edirdi. Ayaq üstə dayanıb o qədər ibadət edir ki, ayaqları şişir. İbadətinə davam etmək üçün bəzən ağırlığını bir, bəzən də digər ayağının üzərinə salır, bəzən dabanı, bəzən də pəncəsi üzərində dayanır. Bu ayə nazil olur və Peyğəmbərə (s) özünü çox da əziyyətə salmamaq göstərişi verilir[4]. Peyğəmbərliyə təyin edildiyi gecə Musanın (ə) vəziyyəti: Tarixi mənbələrin yazdığına görə Musa (ə) ilə Şüeybin (ə) razılaşması sona yetdikdən və Mədyəndə qalma müddəti başa çatdıqdan sonra həyat yoldaşını, övladını və qoyunlarını götürüb Misirə doğru yola düşür. Gecənin qaranlığında yolu itirir, qoyunları pərən-pərən düşür. Qızınmaq üçün ocaq qalamaq istəsə də, ocaq yanmır. Bu əsnada hamilə olan yoldaşının doğuş sancıları başlayır. Musa (ə) demək olar ki, bir-birinin üstünə gələn hadisələr burulğanına düşür. Bu vaxt diqqətini uzaqdan bir şölə cəlb edir. Əslində, ilahi nur olan bu şöləni od zənn edən Musa (ə) yolu tapmaq və od götürmək üçün həmin işığa doğru yola düşür[5]. Mən səni seçdim. İndi sənə vəhy olunanı dinlə! Mən Allaham. Məndən başqa məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! Qiyamət, mütləq, gələcək! Hər kəsə səy və fəaliyyətinin əvəzi verilsin deyə, onu gizlədirəm. Ona inanmayan və nəfsinin istəklərinə uyan heç kimsə səni ondan yayındırmasın, yoxsa məhv olarsan! Ey Musa, sağ əlindəki nədir?” Dedi: “Bu, mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq tökürəm. Bu, mənə başqa işlər görmək üçün də lazım olur”. Buyurdu: “Onu (yerə) at, ey Musa!” Musa onu atdı və o, dərhal əjdaha olub sürətlə sürünməyə başladı. Buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq. Əlini qoynuna sal ki, qüsursuz, bəmbəyaz çıxsın. Bu, başqa bir möcüzədir. (Belə etdik) ki, sənə ən böyük möcüzələrimizdən (bir neçəsini) göstərək. Fironun yanına get! Çünki o, həddini aşmışdır”. (Musa) dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət! İşimi yüngülləşdir! Dilimdəki düyünü aç ki, sözümü anlasınlar! Mənə öz ailəmdən bir vəzir təyin et – Qardaşım Harunu! Onunla arxamı möhkəmlət! Onu işimə ortaq et ki, Sənə çoxlu təriflər deyək və Səni çox yad edək. Çünki Sən hər zaman bizdən xəbərdar olmusan!” Buyurdu: “Ey Musa! Dilədiyin sənə verildi. Sənə yenə də mərhəmət göstərib nemət bəxş etdik. —————————————————————————————– Namaz xatırlama amilidir: Bu ayədə namazın mühüm fəlsəfələrindən birinə, yəni xatırlama amilnə işarə edilmişdir. Bu dünya həyatının unutqanlıq yaradan amillərinin əhatəsində insanın ona müxtəlf zaman fasilələrində Allahı, Qiyaməti, peyğəmbərlərin çağırışını, yaranışın məqsədini xatırladacaq, onu qəflət girdabında batmaqdan qoruyacaq bir vasitəyə ehtiyacı var. Namaz bu mühüm vəzifəni reallaşdıran bir vasitədir. İnsanı bu dünyanın bütün hər bir şeyindən təcrid edən yuxudan sonra qılınan sübh namazı, gündüz vaxtının iş-gücünün qızğın vaxtında qılınan günorta namazı, gündüz vaxtının iş və fəaliyyətindən sonra, istirahətə başlamazdan əvvəl qılınan axşam namazı insanı yaradana istiqamətləndirir, ona Allahı və yaradılışın məqsədini xatırladır[6]. Qiyamət vaxtının gizli saxlanmasının səbəbi: Bu ayəyə əsasən Qiyamət günü hər bir kəsə göstərdiyi səy və fəaliyyətlərə uyğun əvəz verilməsi üçün gizli saxlanmışdır. Başqa sözlə desək, Qiyamət günü gizli saxlanmaqla hamıya bir növ sərbəst şəkildə əməl etmək imkanı yaranır. Digər tərəfdən, Qiyamət gününün vaxtı dəqiq məlum olmadığı, hər bir vaxt baş verə biləcəyi mümkün olduğu üçün daimi hazırlıq vəziyyətində olmaqla və ya tərbiyə proqramının daha sürətlə qəbul edilməsi ilə nəticələnir. Qədr gəcəsi də eynilə belədir. Bu gecə ona görə məxfi saxlanılır ki, insanlar ilin və ya Ramazan ayının bütün gecələrinə ehtiramla yanaşıb Allah dərgahına üz tutsunlar[7]. Eyni məntiq ölümə də aiddir. Qiyamət kimi, əcəl vaxtı da insanlara məlum deyil, hər an baş verə bilər. Onu bəlkə də hər bir kəsin Qiyamətinin başlanğıcı hesab etmək olar. Belə ki, hədislərin birində belə deyilir: “İnsan öldükdə Qiyaməti başlayır”[8]. Ağappaq əl: Deyilənə görə Musa (ə) əlini yaxasına salıb çıxardıqdan sonra əli günəş kimi işıq saçırmış[9]. Ayədə ona görə “qüsursuz” sözü işlənib ki, əlin xəstəlik səbəbilə ağarması şübhəsi yaranmasın. Bu, bir anlıq meydana çıxıb sonra yox olan bir parıltı olmuşdur[10]. Köksün genişliyi: Bu ayədə insanın köksü görünən və dərk edilənlərin tökülüb sirr kimi gizlədildiyi bir qaba bənzədilmişdir. İnsanın tab gətirə bilməyəcəyi böyük bir hadisə baş verdiyində köksü daralır, onun genişlənməsinə ehtiyac duyur. Musaya (ə) bu ağır missiya tapşırıldıqdan sonra o, Firon tərəfdarları, hətta öz qövmü qarşısında hansı çətinliklərlə qarşılaşacağını yaxşı bilirdi. Buna görə də Allahdan tutumunun daha böyük olmasını istəmişdir[11]. 25-36. Ümmətə rəhbərlik etmək üçün dilənən dəqiq istəklər: Musanın (ə) bu ayələrdə Allahdan dilədiyi istəklər, yəni güclü iradə, söz demək qüdrəti, ilahi yardımlar, etibarlı bir dosta malik olmaq, azğın cəmiyyəti dəyişmək, mənəvi və humanist dəyərlərə malik bir cəmiyyət yaratmaq üçün açıq şəkildə ehtiyac duyulan faktorlardır. Bu, onu göstərir ki, hətta peyğəmbər təyin olunmazdan əvvəl belə, Musa (ə) çox ayıq bir adam olmuş, üzərinə düşən məsuliyyətin bütün yönlərindən xəbərdar olmuşdur. Sünni və şiə mənbələrində mövcud olan hədislərdə İslam peyğəmbərinin (s) də öz məqsədlərini həyata keçirmək üçün Allahdan eyni istəkləri dilədiyi qeyd edilmişdir. Sadəcə, Peyğəmbər (s) Harun (ə) adının yerinə Əlinin (ə) adını çəkmişdir[12]. 33-34. Həzrət Musanın (ə) istəklərinin əsas qayəsi: Həzrət Musanın (ə) istəklərinin əsas qayəsini Allahı çoxlu-çoxlu yad etmək, ona tərif demək təşkil edir. Allaha tərif demək Allahın şirk və nöqsanlardan uzaq olduğunu ifadə etməkdən ibarətdir. Musanın (ə)  məqsədi “sübhanəllah” (Allah eyib və nöqsanlardan uzaqdır) cümləsini təkrar-təkrar demək deyil, onun şirkə bulaşmış inancları beyinlərdən yuması, şirk əlamətlərini cəmiyyətdən təmizləməsi, insanların etiqad və əməllərində Allahın xatırlanmasını diriltməsi olmuşdur[13]. Anana lazım olanı vəhy etdiyimiz zaman belə vəhy etdik: “Onu bir sandığa qoyub çaya burax ki, çay onu sahilə atsın və həm Mənim düşmənim, həm də onun düşməni onu götürsün”. Gözlərim önündə boya-başa çatdırılasan deyə, Öz tərəfimdən (qullarım arasında) sənə məhəbbət oyatdım. Bacın gedib: “Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” dedyi zaman ananın gözü aydın olsun və qəm yeməsin deyə, səni ona qaytardıq. Sən bir nəfəri öldürdün. Biz səni qəm-qüssədən qurtardıq. Biz səni sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş vaxtda buraya çatdın, ey Musa! Mən səni Özüm üçün hazır etdim! Sən və qardaşın ayələrimlə gedin və Məni xatırlamaqda səhlənkarlıq etməyin. Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə xatırlasın, yaxud da qorxsun!” Onlar dedilər: “Ey Rəbbimiz! Biz onun bizi qabaqlayacağından və ya həddini aşmasından qorxuruq”. Buyurdu: “Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm! Onun yanına gedib deyin: “Biz sənin Rəbbinin elçiləriyik. İsrail oğullarını bizimlə göndər və onlara əziyyət vermə. Biz Rəbbin tərəfindən sənə aşkar əlamət gətirmişik. Doğru yolla gedənlərə salam olsun! Bizə vəhy olunub ki, əzab (Allahın ayələrini) yalan sayıb üz döndərənlərə veriləcəkdir!” (Firon) dedi: “Rəbbiniz kimdir, ey Musa?” Dedi: “Rəbbimiz hər bir varlığa mövcud olması üçün lazım olan hər bir şeyi verib sonra da doğru yolu göstərəndir!” Dedi: “Bəs əvvəlki nəsillərin vəzyyəti necə olacaq?” —————————————————————————————- Quranda vəhyin mənaları: “Vəhy” yavaş səsə, pıçıltıya və ya nəyinsə astadan və pıçıltı ilə deyilməsinə deyilir. Bu söz Quranda müxtəlif mənalarda – bəzən simvolik işarə (Məryəm – 11), bəzən instinktiv ilham (Nəhl – 68), bəzən genetik əmr (Zilzal – 5), bəzən peyğəmbər olmasalar belə, Allahın mömin bəndələrin qəlbinə göndərdiyi ilham mənasında işlənmişdir. Sözügedən ayədə “vəhy” sözü məhz sonuncu mənada işlədilmişdir. Ümumiyyətlə, “vəhy” sözünün Quranda işlədilən ən mühüm mənalarından biri peyğəmbərlərə aid olan ilahi ismarışlardır[14]. Musa (ə) doğulduğu vaxt İsrail oğullarının kritik vəziyyəti: Quranın digər ayələrindən belə məlum olur ki, Firon İsrail oğullarının gücünün, qüdrətinin və ehtimal olunan üsyanının qarşısını almaq üçün onları ciddi təzyiq altında saxlayırdı. Bir qrup tarixçi və təfsirçinin yazdığına görə, Firon Bəni-İsraildə dünyaya gələcəyi və Firon hakimiyyətinə son qoyacağı öncədən xəbər verilmiş uşağın dünyaya gəlməsinin qarşısını almaq üçün oğlan uşaqlarının qətlə yetirilməsinə, qız uşaqlarının isə kənizlik etmələri üçün diri saxlanılmasına əmr vermişdi. Musa (ə) məhz belə bir şəraitdə dünyaya gəlmişdi. Anası övladına görə çox qorxurdu. Bu vaxt Musanı böyük inqilab üçün seçmiş Allah anasının qəlbinə belə bir ilham göndərir: “Bundan sonra onu bizə həvalə et, bax gör onu necə qoruyacaq və sənə geri qaytaracağıq”[15]. Musaya qarşı hər kəsdə sevgi yaranması: Hədislərinin birində İmam Baqir (ə) belə buyurmuşdur: “Musa dünyaya gəldikdə və anası körpənin oğlan olduğunu gördükdə üzünün rəngi dəyişir. Mamaça: “Rəngin nə üçün dəyişdi?” – deyə soruşduqda deyir: “Oğlumun başının kəsiləcəyindən qorxuram”. Mamaça deyir: “Əsla qorxma!” Musa elə görkəmə malik idi ki, görənləri özünə məftun edirdi.” Onu Firon sarayında qoruyan da məhz bu məhəbbət olmuşdur[16]. Allahın Musa (ə) haqqında buyurduğu ən sevgi dolu söz: “İstina” nəyinsə düzəlməsi və islah edilməsində israr edilməsinə deyilir. Əslində, ayənin mənası belə olur: Səni sanki Özüm üçün istəyirmiş kimi hər cəhətdən islah etdim. Bu, Allahın Musa (ə) haqqında buyurduğu ən sevgi dolu sözdür. Filosofların təbirincə desək, “Allah hər hansı bəndəni sevdiyində ona dostun-dosta bəslədiyi kimi rəğbət bəsləyir.”[17] Hətta düşmənlə də mülayim davranmaq: Quranın hökmünə görə azğın və günahkar olmalarına baxmayaraq, insanların qəlbinə nüfuz etmək üçün ilk öncə onlarla mülayim davranmaq lazımdır. Hətta bəzi hədislərdə Musaya (ə) Fironu ən yaxşı adı ilə çağırmaq göstərişi verildiyini görürük[18]. Allahın tanıtdırılma dəlilləri: Musa (ə) bu ayədə yaradılış və varlıq aləminin iki əsas prinsipinə işarə etmişdir. Bu prinsiplərin hər biri Allahın tanıtdırılması üçün parlaq və müstəqil dəlildir. Birincisi budur ki, Allah hər bir varlığa ehtiyac duyduğu hər bir şeyi vermişdir. İkincisi, mövcudatın yönləndirilməsi və onlara rəhbərlik məsələsidir. Bu aspektin ehtiyacların təminindən sonrakı mərhələyə aid olduğunu ifadə etmək üçün cümlədə “summə” (sonra) zərfindən istifadə edilmişdir. Yəni Allah-taala mövcudata həyat üçün lazım olan bütün vasitələri bəxş etdikdən sonra onlara öz həyatlarını davam etdirmək üçün bəxş edilmiş güclərindən düzgün və dəqiq şəkildə necə istifadə etmək üsulu öyrədilmişdir. İnsanlar da bu genetik yönləndirilmə ilə təchiz edilmişlər. Ancaq insanlar ağıl, ixtiyar, vəzifə, məsulyyət və heyanların sahib olmadığı kamilləşmə proqramlarına sahib olduqları üçün genetik yönləndirilmə ilə yanaşı dini yönləndirilməyə də möhtacdırlar[19]. Dedi: “Onlara aid olan məlumat Rəbbimin yanında olan bir kitabda qeyd edilmişdir. Rəbbim əsla xəta etmir və unutmur!” O, yer üzünü sizin üçün istirahət məkanı etmiş, orada sizin üçün yollar salmış və göydən müxtəlif növ bitkilər bitirdiyimiz su endirmişdir. Onlardan həm özünüz yeyin, həm də heyvanlarınızı yemləyin. Bunlarda başa düşənlərdən ötrü dəlillər vardır. Biz sizi ondan (torpaqdan) yaratdıq, ona qaytaracaq və bir daha oradan qaldıracağıq. Biz dəlillərimizin hamısını ona (Firona) göstərdik. O isə yalan sayıb qəbul etmədi. Dedi: “Musa! Sən öz sehrinlə bizi öz torpağımızdan qovub çıxartmağamı gəlmisən? Biz də sənə buna bənzər bir sehr göstərə bilərik. Bizimlə öz aranda görüş vaxtı təyin et. Nə biz, nə də sən vədə xilaf çıxmayaq. Bu hamımız üçün münasib bir məkanda olsun”. Dedi: “Görüş vaxtınız “Bəzək” (bayram) günüdür. Bir şərtlə ki, gün qalxdığı vaxt hamı bir yerə toplaşsın.” Firon məclisi tərk etdi, sonra da bütün hiylə və kələklərini toplayıb gəldi. Musa onlara dedi: “Vay olsun sizə! Allaha qarşı yalan uydurmayın, yoxsa O, sizi əzabla məhv edər. İftira yaxan məyus (və məğlub) olar!” Onlar öz aralarında davam edib-etməməklə bağlı mübahisə edib xəlvətcə söhbətləşdilər. Dedilər: “Bu ikisi doğrudan da sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və nümunəvi ənənənizə son qoymaq istəyir. Odur ki, bütün gücünüzü və hiylələrinizi birləşdirib (mübarizə meydanına) bir yerdə gəlin. Bu gün öz üstünlüyünü sübuta yetirən şəxs xilas olacaqdır”. ———————————————————————————— Fironun şübhəsinə Musanın (ə) cavabı: Həzrət Musa (ə) 48-ci ayədə dirilmə, cəza və mükafat mövzularını açıq şəkildə bəyan edir. Dirilməni inkar edən digər müşriklər kimi Firon da təəccüblə soruşur: “Ölüb məhv olmuş, artıq heç bir əsər-əlamətləri qalmayan keçmiş nəsillərin vəzyyəti necədir? Yalnız quru adları qalmış və əfsanəyə çevrilmiş bu insanlar əməllərinin cəza və mükafatını necə görürlər?” Musa (ə) bu şübhəyə belə cavab verir: “Keçmiş nəsillərin mükafat və cəzasını vermək onlardan xəbəri olmayan üçün çətindir. Ancaq elmi bütün zaman və məkanları əhatə edən Allah üçün bu, çətin deyil, o, keçmiş və gələcəkdən xəbərdardır.”[20] Allahın dörd nemətinin qeyd edilməsi: Bu ayədə Allahın dörd nemətinə işarə edilmişdir: 1. İnsanın istirahət və rahatlıq məkanı olan yer. Cazibə qanunu və yeri əhatə edən böyük hava qatı sayəsində insan yer üzündə rahat və əmin-amanlıq içində yaşaya bilir. 2. Allahın yer üzündə yaratdığı yollar bütün regionları bir-birinə birləşdirir. Göylərə ucalmış dağların arasında dərələr və yollar mövcuddur. İnsanlar bu yollarla öz məqsədlərinə çata bilərlər. 3. Allah göydən həyat və bərəkət mənbəyi olan su endirmişdr. 4. Bir hissəsi qidalanmaq, bir hissəsi paltar üçün xammal, bir hissəsi dərman və sair vasitələr üçün yararlı olan müxtəlif bitkilər[21]. İnsanın torpaqdan yaranmasına diqqət: Hamımızın torpağa qayıdışı və oradan qalxacağı tamamilə aydındır. Bizim torpaqdan necə yaranmağımızla bağlı iki yozum mövcuddur. Birincisi, biz hamımız Adəmdən (ə) törəmiş, o isə birbaşa torpadan yaranmışdır. İkincisi, hətta biz özümüz də torpaqdan götürülmüşük. Çünki özümüz və ata-analarımızın bədənini təşkil edən qida maddələrinin hamısı torpaqdan qaynaqlanır. Bu, bütün həddini aşmışlara və fironsifətlərə bir xatırlatmadır. Heç kəs haradan gəlib, haraya gedəcəyini unutmamalıdır. Dünən torpaq olmuş, sabah da torpaq olacaq bir varlığın bütün bu lovğalığı, təkəbbürü və həddini aşmasının səbəbi nədir? Bir gün bir nəfər İmam Əlidən (ə) namazların hər bir rükətində edilən iki səcdənin mənasını soruşdquda İmam (ə) buyurur: “Birinci səcdənin mənası budur ki, alnını səcdəyə qoyarkən demək istəyirsən ki, İlahi, mən ilk başlanğıcda bu torpaqdan yaranmışam. Başını qaldırdıqda demək istəyirsən ki, məni bu torpaqdan çıxarmısan. İkinci səcdənin mənası budur ki, məni yendən torpağa qaytaracaqsan. Başını səcdədən qaldırdıqda demək istəyirsən ki, məni yenidən bu torpaqdan qaldıracaqsan.”[22] Bəzək günü: Şübhəsiz ki, bu ifadə ilə vaxtı bizə dəqiq məlum olmayan bir bayram gününə işarə edilmişdir. Bizə məlum olan budur ki, insanlar həmin gün işləməz və bu mərasimdə iştirak etmək üçün hazırlanarmışlar[23]. Firon tərəfindən insanların dini hisslərinin təhrik edilməsi: Firon ənənə deyərkən həmin vaxt Misirdə mövcud olan dualist dini inancı, daha çox da qibtilər tərəfindən məbud qəbul edilən tanrıları, xüsusilə də Fironu nəzərdə tuturdu. O, bununla insanların dini təəssübkeşliyini təhrik etmək istəyirdi. Çünki insanlar hər nə olursa-olsun atalarının dinini, xüsusilə də adət etdikləri, pak və səmavi olduğunu düşündükləri bu dini müqəddəs sayırdılar. Firon onlara böyüklüklərinin öz dinlərində olduğunu bəyan edir və bildirir ki, əgər Musanın sözlərini qəbul etsələr, əzəmətləri puç olacaq[24]. (Sehrbazlar) dedilər: “Ey Musa! Əvvəl sən (əsanı) atırsan, yoxsa birinci atan biz olaq?!” Dedi: “Əvvəl siz atın!” Bu vaxt sehrləri sayəsində kəndirləri və əsaları elə təsir bağışlayırdı ki, sanki hərəkət edirdi. Musa ürəyində gizli bir qorxu keçirdi (ki, məbada insanlar yollarını azsınlar!) Dedik: “Qorxma, sən şübhəsiz ki, (qalib və) üstünsən! Sağ əlində olanı yerə at, onların qurduqlarını udsun. Onların qurduqları sadəcə sehrbaz hiyləsidir. Sehrbaz isə hara gedirsə-getsin, xilas olmaz”. (Musa əlindəkini atdı və əsa onların bütün qurduqlarını uddu.) Sehrbazlar hamısı səcdəyə qapanıb dedilər: “Biz Harunun və Musanın Rəbbinə iman gətirdik!” (Firon) dedi: “Mən sizə izn verməmişdən əvvəl Ona iman gətirdiniz? Şübhəsiz ki, o, sizə sehr öyrədən böyüyünüzdür. Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsib xurma ağaclarının gövdələrində çarmıxa çəkəcəyəm. Onda hansımızın əzabının daha şiddətli və daha davamlı olduğunu biləcəksiniz!” Dedilər: “Bizi yaradana and olsun ki, səni bizə gələn bu aydın dəlillərdən əsla üstün tutmayacağıq. İndi nə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünya həyatında hökm verə bilərsən! Biz Rəbbimizə iman gətirdik ki, O, bizi günahlarımıza və sənin bizi məcbur etdirdiyin sehrə görə bağışlasın. Allah daha xeyirli və daha daimidir!” Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, cəhənnəmlik olar. Orada nə ölər, nə də yaşayar. Kim Onun hüzuruna yaxşı əməllər etmiş bir mömin kimi gələrsə, onlara ən yüksək dərəcələr nəsib olar – ağacları altından çaylar axan əbədi Cənnət bağları. Orada əbədi qalarlar. Bu, özlərini təmizləyənlərin mükafatıdır. ————————————————————————————— Fironun sehrbazları nə etdi? Təfsirçilərin çoxunun yazdığına görə sehrbazlar kəndir və əsaların içinə civə tökmüşdülər. Günəşin istisi altında civənin qızması kəndir və əsaların qeyr-adi çevikliklə hərəkət etməsinə səbəb olurdu. Şübhəsiz ki, bu hərəkətlilik həqiqi hərəkət deyildi. Sehrbazların insanlara etdiyi təlqinlər və burada yaratdıqları xüsusi mühit insanların gözündə onların canlanması və hərəkət etməsi təəssüratı yaradırdı. Ümumiyyətlə, sehr müxtəlif vasitələrlə, o cümlədən gözbağlıca və hiylə, təlqinlər, cisimlərin fiziki və kimyəvi xassələri, bəzən isə şeytanların yardımları vasitəslə həyata keçirilir. Əlbəttə, keçmişdə sehr və cadu kmi təqdim edilən davranışların çoxunun sirri bu gün açılmış və bu davranışlar artıq sehr və cadu hesab edilmir. Sehrin əsl həqiqətinə gəldikdə isə, onu inkar etmək olmaz. Sehr İslamda haram və böyük günahlardan hesab edilir. Əlbəttə, digər hallarda olduğu kimi, sehrin də istisnaları vardır. Belə ki, yalandan peyğəmbərlik iddiası edənlərin iddialarını puça çıxarmaq və ya sehr nəticəsində zərər çəkmiş insanları sehrdən xilas etmək üçün onu öyrənmək icazəli, hətta bəzi məqamlarda vacibdir[25]. Musanın (ə) qorxusu nədən idi? Musanın (ə) ürəyində keçirdiyi qorxu hissinin səbəbi sehrbazların yaratdığı qorxulu səhnə deyildi. O, əslində, insanların bu qorxulu səhnənin təsiri altına düşəcəyindən və Musanın (ə) onları asanlıqla haqq yola qaytara bilməyəcəyindən, ya da Musa (ə) öz möcüzəsini göstərməyə macal tapmamış onların meydanı tərk edəcəklərindən, ya da haqqın aşkar olmasının qarşısını almaq üçün onların meydandan çıxarılacağından qorxurdu[26]. 69-70. Sehrlə möcüzənin fərqi: O vaxta qədər belə bir səhnə ilə qarşılaşmamış, sehri sehr olmayandan ayırmağı bacaran sehrbazlar əmin oldular ki, Musanın (ə) göstərdiyi yalnız ilahi möcüzədir və Musa (ə) onları Allah yoluna dəvət etmək üçün göndərilmiş bir peyğəmbərdir. Buna görə də ruhlarında böyük bir çevriliş yarandı və Musanın (ə) dəvətini qəbul etdilər. Ümumiyyətlə, sehrbazın sərgilədiyi bacarığın əsasında məhdud insan qüvvəsi dayandığı halda, möcüzə sonsuz ilahi qüdrətdən qaynaqlanır. Sehrbaz məhdud çərçivədə işlər görə bilsə də, insan gücünün fövqündə heç nə edə bilməz. O, yalnız məşqlər vasitəsilə yiyələndiyi işləri reallaşdıra bilər. Bundan kənarda hər hansı hərəkəti göstərə bilməz. Peyğəmbərlərə gəldikdə isə, onlar Allahın sonsuz qüdrətindən bəhrələndikləri üçün istənilən xariqəni yarada bilərlər. Sehr azğınlıq və hiylə üzərində qurulduğu üçün sehrbazlar da hiyləgər və saxtakar insanlar hesab edilirlər. Halbuki ixlas, səmimiyyət, paklıq, dürüstülk peyğəmbərlərin möcüzələri ilə çulğalaşmış və onların gücünü artıran bir dəlildir[27]. Sehrbazların Firon tərəfindən məcbur edilməsi: Bu ayədən belə məlum olur ki, Fron sehrbazları Musa (ə) ilə mübarzə aparmağa və sehr göstərməyə məcbur edirdi. Bu məcburiyyət ya onlar öz şəhər və məmləkətlərindən gətirilərkən, ya da Musa (ə) onlara xitab edib bəzilərinə təsir göstərdiyi, nəticədə, onların arasında mübahisə düşdüyü vaxt baş vermiş, nəhayət, Musa (ə) ilə mübarizə aparmağa məcbur edilmişdilər (62-ci ayə)[28]. Ölüm və həyatın olmadığı yer: Cəhənnəmdə əzaba məruz qalanların bu əzabdan xilas olmasına səbəb olacaq ölüm olmayacaq. Belə ki, “Zuxruf” surəsinin 77-ci ayəsində belə buyurulmuşdur: “Onlar çağırıb deyəcəklər: “Ey Cəhənnəmin maliki! Rəbbinin canımızı almasını arzu edirik”. O isə: “Siz burada əbədi qalacaqsınız!”– deyəcək.” Habelə Cəhənnəm əhlinin orada ləzzət alacaqları, ixtiyar və qüdrət sahibi olacaqları bir həyat da mövcud deyil. Nə varsa, yalnız əzab-əziyyətdən ibarətdir[29]. Biz Musaya: “Gecə vaxtı qullarımı özünlə apar və onlar üçün dənizdə quru yol aç. Nə onların təqibindən qorxacaqsan, nə də dəryada boğulmaqdan!”– deyə vəhy etdik. Firon öz ordusu ilə onları təqib etdi və dəniz onları tamamilə batırdı. Firon öz qövmünü haqq yoldan azdırdı və doğru yola yönəltmədi. Ey İsrail oğulları! Biz sizi düşməninizdən xilas etdik. Tur dağının sağ tərəfində sizinlə vədləşdik. Sizə “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) endirdik. Sizə verdiyimiz pak ruzilərdən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə tuş gəlmiş şəxs isə süquta uğrayar. Mən tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram. “Ey Musa! Camaatının qabağına düşüb tələsməyinə nə səbəb oldu?” Dedi: “Ey Rəbbim! Onlar mənim arxamca gəlirlər. Məndən razı qalasan deyə, Sənin yanına tələsdim!” Buyurdu: “Səndən sonra camaatını sınağa çəkdik. Samiri onları yoldan çıxartdı”. Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey camaatım! Məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdimi? Mənim sizdən ayrı olduğum müddət uzunmü sürdü? Yoxsa mənə verdiyiniz vədə xilaf çıxıb Rəbbinizdən sizə bir qəzəb gəlməsini istədiniz?” Dedilər: “Biz sənə verdiyimiz vədə öz ixtiyarımızla xilaf çıxmadıq. Biz o xalqın özümüzlə gətirdiyimiz zinət əşyalarını (oda) atdıq. Samiri bizə (azğın fikirlərini) beləcə təlqin etdi”. ——————————————————————————————– Musanın (ə) Fironla mübarizəsinin son mərhələsi: Bu və sonrakı ayədə Musanın (ə) Fironla olan mübarizəsinin son mərhələsinə, yəni İsrail oğullarının Misirdən çıxarılmasına işarə edilmişdir. İsrail oğulları vəd olunmuş torpaqlara (Fələstinə) doğru hərəkət etdlər. Ancaq Nilin sahilinə çatdıqlarında Fironun ardıcılları bundan xəbər tutdular. Firon böyük bir qoşunla onları təqib etməyə başladı. İsrail oğulları özlərini Nil ilə düşmən qoşunlarının mühasirəsində gördülər. Bir tərəfdə böyük Nil çayı, digər tərəfdə isə qana susamış qəzəbli və güclü düşmən ordusu dayanmışdı. Allahın istəyi isə fərqli idi. Allah zülmə məruz qalmış bu imanlı camaatın zalımların əlindən xilas, eyni zamanda zülmkarların məhv olmasını istəyirdi. Diqqət çəkən məqam ondan ibarətdir ki, Allah-taala “Nil çayında bir yol aç” deyil, məhz “dənizdə quru yol aç” – deyə buyurmuşdur. Bildiyimiz kimi, çay və ya dənizin suyu çəkildiyində su çəkilən yerdən bir müddət keçmək olmur. Ayə bunu göstərir ki, açılan yol Allahın əmri ilə quru olmuşdur[30]. Mənn və səlva: Fironun qoşunlarının əlindən xilas olduqdan sonra İsrail oğulları səhrada nə edəcəklərini bilmədlər. Çox böyük ehtimalla mənn ətraf dağlarda olan təbii bal növü və ya həmin səhrada bitən ağaclardan süzülən xüsusi şirə növüdür. Səlva göyərçin quşuna bənzəyən əti halal olan bir quş növüdür.[31]. İlahi rəhbərlərin rəhbərliyini qəbul etmək tövbə, iman və saleh əməlin qəbulunun şərtidir: Təfsirçilər “sonra doğru yol tutan” cümləsi lə bağlı müxtəlif fikirlər söyləmişlər. Bu fikirlərdən ikisi daha cəlbedicidir: Birincisi, təfsir budur ki, bu ayədə iman, təqva və saleh əməl yolunun davam etdirilməsinə işarə edilmişdir. Yəni tövbə keçmişin üstünü örtərək insanın xilas olmasına səbəb olur. Bir şərtlə ki, tövbə etmiş şəxs bir daha həmin şirk və günah dərəsinə enməsin, Şeytanın və nəfsin vəsvəsələrinə uymamaq, nəticədə, yenidən əvvəlki yola düşməmək üçün daim özünə nəzarət etsin. İkinci təfsirə görə ayədə Allah tərəfindən təyin edilmiş rəhbərlərin rəhbərliyinin qəbulunun zərurliyinə işarə edilmişdir. Çünki dinin sütunlarından biri Peyğəmbərin çağırışını, onun rəhbərliyini, ondan sonra isə canişinlərinin rəhbərliyni qəbul etməkdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Sonra doğru yola yönələn” deyilərkən biz Əhli-beytin rəhbərliyinə doğru yönəlmə nəzərdə tutulur.” Bu prinsipin tərk edilməsinin nə qədər ölümcül olduğunu başa düşmək üçün sonrakı ayələri araşdırmaq, rəhbəri tərk etdikləri, Musa (ə) və canişini Haruna (ə) itaət etməkdən boyun qaçırdıqları üçün İsrail oğullarının necə buzovpərəstlik, şirk və küfrə düçar olduqlarını görmək kifayətdir[32]. 83-84. Musanın (ə) vəd olunmuş yerə çatmağa şövqü və tələsməsi: Musa (ə) Tövratın hökmlərini almalı və İsrail oğullarından olan bir qrupu özü ilə aparmalı idi ki, bu səfərdə onlar allahıtanıma və vəhylə bağlı yeni həqiqətlərin şahidi olsunlar. Allahla minacat etmək, vəhy səsini eşitmək şövqü Musanın (ə) qəlbinə elə od salmışdı ki, gözü ayağının altını görmürdü, yeməyi, içməyi, istirahət etməyi də unutmuşdu. Sürətlə gedib vəd olunmuş yerə hər kəsdən əvvəl çatmaq istəyirdi. İmam Sadiq (ə)  buyurmuşdur: “Müştaq nə yeməyə meyl edir, nə dadlı sudan ləzzət alır, nə rahat yata bilir, nə dostu ilə ünsiyyət yaradır, nə də evində rahatlıq tapır… Bir gün məhbubuna qovuşmaq ümidi ilə Allaha gecə-gündüz bəndəlik edir… Bu eşq elə həddə çatır ki, Allah İmran oğlu Musanın Allahla vədləşdirilmiş yerə olan eşqi haqqında belə buyurur: “Məndən razı qalasan deyə, Sənin yanına tələsdim!”[33] Onlar üçün buzov kimi böyürən bir buzov heykəli düzəltdi. (Bir-birinə dedilər): “Sizin də tanrınız, Musanın da tanrısı budur.” O, (Allahla bağladığı əhdi) unutdu. Məgər (bu heykəlin) onlara heç bir cavab vermədiyini, onlara nə bir zərər, nə də bir fayda verməyə qadir olmadığını görmürdülərmi?! Bundan əvvəl Harun onlara demişdi: “Ey qövmüm! Siz bunun vasitəsilə sınağa çəkildiniz. Sizin Rəbbiniz Rəhman olan Allahdır. Mənə tabe olun və əmrimə itaət edin!” Onlar: “Musa yanımıza qayıdana qədər biz onun ətrafına dövrə vuracağıq (ona sitayiş edəcəyik!)”– dedilər. (Musa) dedi: “Ey Harun! Onların azdıqlarını gördüyün zaman nə üçün mənə tabe olmadın? Əmrimə qarşımı çıxdın?” (Harun) dedi: “Ey anamın oğlu! Saqqalımdan və saçımdan tutma. Doğrusu, mən sənin: “İsrail oğulları arasına təfriqə saldın və sifarişmə əməl etmədin!”– deyəcəyindən qorxdum. (Musa üzünü Samiriyə tutub) dedi: “Nə üçün belə etdin ey Samiri?” Dedi: “Mən onların görmədiklərini gördüm. Mən (Allahın göndərdiyi) elçinin qoyub getdiyinin bir hissəsini götürdüm, sonra onu atdım. Nəfsim məni bu işə sövq etdi”. (Musa) dedi: “Çıx get! Sən həyatın boyu: “(Sənə yaxınlaşmaq istəyənlərə) Mənə toxunmayın!”– deməli olacaqsan. Səni əsla dəyişilməyəcək bir vəd (ilahi əzab) gözləyir. Sən sitayiş etdiyin tanrına bax. Biz öncə onu yandıracaq, sonra da onu (külünü) dənizə tökəcəyik. Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. Onun elmi hər şeyi əhatə edir”. —————————————————————————————– Kim unutdu? Unudan şəxs deyilərkən Samiri nəzərdə tutulur. Çünki Musa (ə) və Allahla olan əhd-peymanını unudan, bütpərəstliyə üz tutan məhz o, olmuşdur. Bəzilərinin yazdığı kimi, həmin şəxsin Musa olması fikri ayənin zahiri məzmunu ilə düz gəlmir[34]. Musanın (ə) Haruna (ə) sərt reaksiya göstərməsi: Həzrət Harun (ə) qardaşının qəzəbini yatırtmaq üçün Musaya (ə) “anam oğlu” deyə müracət edir. Bununla demək istəyir ki, bizim ikimiz də bir ananın övladlarıyıq, bir nəfərin qucağında böyüyüb boya-başa çatmışıq, bir-birimizə qarşı bu şəkildə qəzəblənməməliyik[35]. Burada ortaya belə bir sual çıxır ki, Musa (ə) və Harun (ə) şübhəsiz ki, məsum və peyğəmbər olublar. O zaman Musanın (ə) bu cür sərt reaksiyası və Harunun özünü bu şəkildə müdafiə etməsi necə izah edilə bilər? Əslində, Musa (ə) qardaşının günahsız olduğunu dəqiq bilirdi. Ancaq bu davranışı ilə iki məsələni sübuta yetirməyə çalışırdı: Birincisi, İsrail oğullarına çox böyük günaha batdıqlarını, hətta peyğəmbər olan qardaşının da mühakimə olunmasına səbəb olan bir əməli törətdiklərini başa salmaq istəyirdi. Digər tərəfdən bu davranışı ilə Harunun günahsız olduğunu hər kəsin gözü önündə sübuta yetirir, nəticədə, peyğəmbərliyi dövründə onu ittiham olunmaqdan xilas edir[36]. Samiri buzovu necə düzəltdi? Təfsirçilər bu ayə ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Onların arasında ayənin məzmununa daha uyğun gələn nəzər budur: Qövmün zinət əşyaları deyilərkən (87-ci ayə) Fironun qoşununa aid olan, Musanın (ə) göstərişi ilə camaatın topladığı və özləri ilə apardıqları zinət əşyaları nəzərdə tutulur. Bu ləl-cəvahirat Musanın (ə) və ya ona aid olduğu üçün “elçinin qoyub getdiyi” adlanmışdır. Samiri “mən (Allahın göndərdiyi) elçinin qoyub getdiyinin bir hissəsini götürdüm” deyərkən demək istəyir ki, mən yaxşı heykəl düzəldə bilirəm. Musanın malından bir hissəsini götürüb heykəl düzəltdim, mən camaatın bilmədiyini bilirəm. Əslində, nəfsim mənə elçinin qızıllarından götürüb heykəl düzəltməyi vəsvəsə etdi. Nəticədə, elçinin qoyub getdiyindən götürüb oda tökdüm, sonra səs verən bir buzov düzəltdim. Onu elə düzəltim ki, hər dəfə hava onun qarnından daxil olub ağzından çıxanda buzov səsi eşidilirdi[37]. Musanın (ə) əmri ilə Samirinin cəzalandırılması: Bu ayədə Samirinin Musa (ə) tərəfindən cəzalandırılmasından danışılır. Samirinin cinayəti sübuta yetdikdən sonra Musa (ə) Samirinin cəmiyyətdən təcrid edilməsinə göstəriş verir. O, artıq heç kəslə ünsiyyət qura və kimsə də onunla əlaqə yarada bilməzdi. Ümumiyyətlə, Musa (ə) ömrünün sonuna qədər Samirinin tək-tənha yaşamasını əmr edir. Bunun özü ən ağır işkəncələrdən biri idi. Bu əmr daimi həsrət və sonsuz qorxu ilə nəticələnəcəkdi. Bəziləri bunun Musaya (ə) aid olan bir əmr deyil, nifrin olduğunu yazmışlar. Bu nifrin nəticəsində Samiri əlacsız dərdə düçar olmuş, heç kəs ona yaxınlşa bilməmişdir. Şiddətli qızdırmadan yanarkən kimsə yaxınlaşmaq istədikdə fəryad qoparıb “mənə yaxınlaşmayın!” deyərmiş. Bəzləri onun vasvasılıq dərdinə düçar olduğunu yazmışlar. Bu xəstəlik nəticəsində insanlardan qorxub hər kəsdən qaçar və “mənə yaxınlaşmayın”, – deyə fəryad qopararmış[38]. Beləcə, əvvəlkilərin əhvalatlarından sənə danışırıq. Biz sənə Öz tərəfimizdən zikr verdik. Ondan üz döndərən hər kəs Qiyamət günü ağır bir günah yükü daşıyacaq. Onlar bu vəziyyətdə əbədi qalacaqlar. Qiyamət günü onlar üçün nə pis yükdür! O gün sur üfürüləcək və o gün günahkarları bədənləri gömgöy göyərmiş halda bir yerə toplayacağıq. Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “Siz (Bərzəxdə) cəmi on gün qaldınız!” Biz onların nə deyəcəklərini də yaxşı bilirik. Onların ən ağıllısı və əməl cəhətdən ən üstünü: “Siz cəmisi bir gün qaldınız!”– deyəcək. Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq, sonra yer üzünü susuz, bitkisiz, hamar və boş düzəngaha çevirəcəkdir. Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”. O gün hamı carçıya tabe olacaq, ona qarşı çıxa bilməyəcəklər. Rəhman Allahın qarşısında səslər kəsiləcək və yalnız pıçıltı eşidəcəksən. O gün Rəhman Allahın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir. Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu əhatə edə bilməz! (O gün) üzlər yaşayan, qəyyum olan Allah qarşısında zəlil bir görkəm alacaq. Kürəyində zülm-haqsızlıq yükü olan şəxs məyusdur. Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də haqqının kəsiləcəyndən qorxmazlar. Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri xatırladıq ki, bəlkə təqvalı olsunlar və ya onlar üçün xatırlatma olsun. —————————————————————————————- Sur: “Sur” haqqında “Zümər” surəsinin 68-ci ayəsində məlumat veriləcək. Günahkarlar gömgöy göyərmiş bədənlərlə: “Zurq” sözü “əzrəq” sözünün cəmidir, gözün göyərməsinə deyilir. Ancaq bəzən bədəni ağrı-acıdan gömgöy göyərmiş şəxsə də aid edilir. Belə ki, bədən ağrı-acı nəticəsində zəifləyir, öz təravətini itirir və göy rəngdə görünür[39]. Qiyamətlə müqayisədə dünya və Bərzəx ömrünün qısa olması: Şübhəsiz ki, insanın Bərzəx həyatı uzun sürəcək. Ancaq Qiyamətlə müqayisədə çox qısa görünəcək[40]. Bəzi təfsirçilər hesab edirlər ki, bu ayədə insanların dirilişdən əvvəlki dünya və Bərzəx həyatlarının qısa olmasına işarə edilmişdir. İnsanlara əbədi yaşayacaqları məlum olduqda dünya və Bərzəx həyatının çox qısa olduğunu dərk edəcəklər[41]. Bir günlük qalma: Şübhəsiz ki, nə bir gün, nə də on gün uzun müddət deyil. Sadəcə “bir” ən kiçik təkrəqəmli ədəd hesab edildiyi üçün “bir gün” sözü ilə ən qısa zaman ifadə edilir. Quranda bu sözü deyən şəxs davranış və fikir baxımından üstün şəxs adlandırılmışdır. Çünki bu sözün müəllifi zaman baxımından axirət həyatı ilə müqayisədə dünya və Bərzəx həyatının çox qısa, keyfiyyət baxımından isə çox dəyərsiz olduğunu ən kiçik ədədlə ifadə etmişdir[42]. Carçı deyilərkən kim nəzərdə tutulmuşdur? Quranda carçının İsrafil və ya qeyrisi olması açıq şəkildə qeyd edilməmişdir. Ancaq kim olursa-olsun əmri heç kəsin çıxmağa cürət etməyəcəyi dərəcədə təsirli olan bir şəxs olacaq[43]. Şəfaət ən yüksək tərbiyə məktəbidir: Bəziləri şəfaət haqqında yanlış təsəvvürlərə malikdirlər, şəfaəti dünya əlaqələrinə bənzədirlər. halbuki şəfaət İslam məntiqinə əsasən yüksək tərbiyə məktəbidir, öz səy və fəaliyyətləri ilə haqq yolda addımlayan, ancaq bəzən qüsur və xətaya yol verən şəxslər üçün bir dərsdr. Yol verdiyi qüsur və xətalar insanın qəlbində ümidsizlik yarada bilər. Məhz bu zaman şəfaət hərəkətverici bir qüvvə kimi insana yardım edir, ona məyus olmamağı, haqq yolunu davam etdirməyi, bu yolda səy və fəaliyyətdən əl çəkməməyi diktə edir. Əgər insan qüsura yol veribsə, ümumi mərhəməti hər kəsə şamil olan mərhəmətli Allahın icazəsi ilə insanlara yardım edən şəfaətçilər vardır. Şəfaət tənbəlliyə dəvət, məsuliyyət yükünün altından qaçmaq və ya günah qarşısında yaşıl işıq yandırmaq deyil, əksinə, insanı haqq yolda daha qətiyyətli olmağa, günahları azaltmağa səsləyən bir vasitədir[44]. Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. Biz bundan əvvəl Adəmlə də əhd bağlamışdıq. Lakin o, əhdi unutdu və Biz onda qətiyyət görmədik. Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O boyun qaçırdı (və səcdə etmədi). Dedik: “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O, sizi Cənnətdən çıxartmasın, yoxsa çətinliyə düşəcəksiniz. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də günəşin istisindən əziyyət çəkəcəksən!” Şeytan onu vəsvəsə edib dedi: “Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?” Nəhayət, ikisi də ondan yedilər və ayıb yerləri göründü. Özlərini örtmək üçün Cənnət (ağaclarının) yarpaqlarından paltar tikdilər. Adəm Rəbbinə asi olub mükafatından məhrum oldu. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və doğru yola yönəltdi. Buyurdu: “Bir-birinizə düşmən kəsilərək hər ikiniz buradan enin. Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Hər kəs Məni xatırlamaqdan üz döndərsə, həyatı sıxıntılı olacaq və Biz Qiyamət günü onu hüzurumuza kor olaraq gətirdəcəyik”. Deyəcək: “Ey Rəbbim! Mən ki görürdüm, nə üçün məni kor olaraq gətirdin?” ——————————————————————————————- Vəhy tamamlanmayınca oxunuşa tələsməmək əmri: Bu ayədən belə məlum olur ki, Allah rəsulu (s) vəhy olunandan xəbərdar olmuş, vəhy nazil olmağa başladığı vaxt onun tamamlanmasını gözləmədən Quranı oxumağa başlayırmış. Bu ayə Quranın bir dəfəyə nazil olduğunu ifadə edən hədisləri gücləndirən istinad mənbələrindəndir. Hədislərə əsasən Quran Peyğəmbərə (s) iki şəkildə nazil olmuşdur. Quran Peyğəmbərə (s) Qədr gecəsi tam şəkildə nazil olmaqla yanaşı, 23 il ərsində tədricən, şəraitə uyğun olaraq, ayə-ayə nazil olmuşdur. Əgər Peyğəmbərin (s) vəhyin məzmunundan xəbəri olmasaydı, Allahın ona: “Vəhy tamamlanmayınca oxumağa tələsmə”, – deyə buyurmasının heç bir mənası olmazdı. Hər halda Allah bu ayə vasitəsilə Peyğəmbərə (s) tələsməməyi əmr etmişdir[45]. Nəzərə almaq lazımdır ki, Peyğəmbərin (s) tələskənliyi hövsələsizlik və ya özünü göstərməkdən deyil, vəhyi qəbul etməyə, mənimsəyib insanlara çatdırmaq üçün olan eşqdən irəli gəlirdi. Peyğəmbər (s) bütün yönlərdə nümunə olmalı olduğu üçün hətta bu cür tələskənlik belə ona yasaq edilmişdir. Bununla da Allah insanlara başa salır ki, hətta vəhyin alınmasında belə tələskənliyə icazə verilməmişdir[46]. Adəmin (ə) məsumluğu: Həzrət Adəmin (ə) məsum olması ilə bağlı “Əraf” surəsinin 23-cü ayəsində məlumat verilmişdir. Şeytanın Adəmin (ə) əbədiliyə meyilli olmasından sui-istifadə etməsi: Şeytan Adəmin (ə) nəyə meyl göstərməsi ilə bağlı müşahidə aparır, onun əbədi həyata və tükənməz bir qüdrətə meyilli olduğunu öyrənir. Buna görə də onu ilahi fərmandan çıxarmağa sövq etmək üçün bu iki faktordan istifadə edir. Başqa sözlə desək, Allah Adəmə (ə) Şeytanı özündən uzaqlaşdıracağı təqdirdə həmişəlik Cənnətdə qalacağını və əbədi Cənnət nemətlərindən bəhrələnəcəyini vəd verdiyi kimi, Şeytan da vəsvəsələrini həmin nöqtə üzərində cəmləmişdir[47]. Sıxıntılı həyat Allahı unutmağın cəzasıdır: Təfsirçilər bu ayəni təfsir edərkən yazırlar ki, Allahı unudan və Onunla əlaqələrini kəsən adamın dünyaya bağlanmaqdan, bütün səy və fəaliyyətini dünyada daha yaxşı şəraitə nail olmağa sərf etməkdən başqa yolu yoxdur. O, dünya həyatını günbəgün yaxşılaşdırır və başı onun zövq və ləzzətinə qarışır. Ancaq bu ləzzətlər az və ya çox olmasından asılı olmayaraq ona rahatlıq gətirmir. Çünki nə əldə edirsə, yenə də əldə etmədiyinin dərdini çəkir, əldə etdiklərini xoşagəlməzliklər, ölüm, xəstəlik və sair nəticəsində itirəcəyindən narahat olur. Varlı və kasıb olmasından asılı olmayaraq Allahı unutmuş dünyapərəst insan hər zaman sıxıntı və təzyiq altında yaşayır. Ancaq allahtanıma və Onu xatırlama sayəsində o biri dünyanın olduğuna inanan, Allah yanında bütün istədiklərinin olduğunu, heç bir sıxıntı və ziyan olmayacağını bilən şəxs dünyanın isti və soyuğundan əsla qorxmur, az və ya çox olmasından asılı olmayaraq, Allahın müəyyən etdiyinə qane olur[48].   Deyəcək: “Sənə ayələrimiz gəldiyi halda, sən onları unutduğun kimi, bu gün də sən unudulacaqsan!” Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə daha şiddətli və daha sürəklidir. Daha əvvəl məhv etdyimiz və (viran qalmış) məskənlərində gəzib dolaşdıqları neçə-neçə nəsillər onların doğru yola yönəlməsi üçün kifayət etmirmi? Həqiqətən, bunda ağıl sahibləri üçün parlaq əlamətlər vardır. Əgər Rəbbin tərəfindən əvvəlcədən təyin edilmiş qanun və müəyyən edilmiş bir vaxt olmasaydı, Allahın əzabı onları tezliklə yaxalayardı. Onların dediklərinə səbir et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. Onların bəzisinə verdiyimiz maddi nemətlərə göz dikmə. Bunlar sınamaq üçün onlara verdiyimiz dünya həyatının çiçəkləridir. Rəbbinin ruzisi daha xeyirli və daha davamlıdır. Ailənə namaz qılmağı əmr et, özün də onu səbirlə yerinə yetir. Biz səndən ruzi istəmirik, sənə ruzi verən Bizik. Gözəl aqibət təqvaya bağlıdır. Dedilər: “Nə üçün o, Rəbbindən bizə bir möcüzə və əlamət gətirmir?” Məgər əvvəlki (səmavi) kitablarda olan açıq-aydın xəbərlər onlara gəlib çatmadımı? Əgər Biz onları bundan əvvəl (Quran gəlməzdən öncə) əzabla məhv etsəydik, (Qiyamətdə) deyərdilər: “Ey Rəbbimiz! Nə üçün bizə bir peyğəmbər göndərmədin ki, biz də zəlil və rüsvay olmazdan əvvəl Sənin ayələrinə tabe olaq?” De: “Hamı gözləyir. İndi ki, belədir, siz də gözləyin. Ancaq tezliklə siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!” ————————————————————————————— Günahkarların unudulacağı gün: Günahkarların o biri dünyada unudulması Allahın onları unutması kimi başa düşülməməlidir. Əslində, Allah onlarla unutmuş kimi davranacaq, onlara etina göstərməyəcək. Bu ifadə formasına dilimizdə də rast gəlinir. Məsələn, biri başqasına etinasızlıq göstərdikdə qarşı tərəf: “Nə üçün məni unutmusan?” – deyə şikayətlənir[49]. Allahın qanunu və müəyyən edilmş vaxt: “Kəlimətun min rəbbik” (Rəbbin tərəfindən bir söz) ifadəsindəki “kəlmə” sözü Adəm (ə) Cənnətdən yerə endirilərkən Allah tərəfindən verilmiş əmri ifadə edir. Bu əmrə əsasən insanlar müəyyən edilmiş vaxta qədər yer üzündə yaşayacaq və bu müddət ərzində Allahın qəfil əzabına tuş gəlməyəcəklər. Onlar ilahi əzaba yalnız peyğəmbər gəldikdən sonra ona iman gətirmədikləri, onunla mübarizəyə qalxdıqları, möcüzə tələb edib möcüzənin şahidi olduqdan sonra yenə də iman gətirmədikləri təqdirdə məruz qalacaq və əzab nəticəsində məhv olacaqlar. İslam peyğəmbərinin (s) ümməti Allahın daha əvvəl verdiyi vədə əsasən qaçılmaz və əlacsız əzaba məruz qalmayacaq. Ancaq peyğəmbər göndərildiyi üçün ümmətin mömin və kafirləri arasında hökm çıxarılacaq, kafirlər məhv ediləcək. Quran ayələrinə əsasən kafirlərin əzabı müəyyən müddətə qədər təxirə salınır. “Müəyyən edilmiş vaxt” deyilərkən zamanı heç zaman dəyişməyən vaxt nəzərdə tutulur. Bu ümmətin kafirləri bu dünyada ilahi əzaba düçar olub məhv olacaqlar[50]. Allaha tərif deməyin, Onu xatırlamağın insanın ruhiyyəsinə təsiri: Xüsusi vaxtlarda Allahı xatırlayıb Ona tərif deməklə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu fikrlər arasında ikisi daha ağlabatan görünür: 1. Bu ayədə Allahı xatırlamaq və Onu zikr etmək deyilərkən beş vaxt qılınan namaz nəzərdə tutulur. Bu ayə həmin namazların vaxtarına işarə edir. 2. Bu ayədə zikr, müstəhəb namazlar və sair olmasından asılı olmayaraq müəyyən zamanlarda oxunması tövsiyə edilmiş istənilən növ zikr və xatırlamaya işarə edilmişdir[51]. Həmd və zikrlə bağlı göstəriş ruhyyəni gücləndirmək və təsəlli xarakteri daşıyır. Çünki həmd, səna, zikr, gücə və gündüz namazları insanın Allahla olan bağlılığını möhkəmləndirir, nəticədə insan yalnız Allahı düşünür, çətinliklərdən qorxmur, belə bir arxa və söykənəcəklə düşməndən qorxu və vahiməsi olmur. Bu şəkildə rahatlıq və əminlik ruhuna və canına dolur. “Bəlkə razı qalasan” cümləsi də bu nüansa işarə edir[52]. Ailənə namaz qılmağı əmr et: “Ailə” deyilərkən burada Peyğəmbərin (s) ailəsi nəzərdə tutulmuşdur. Bu surə Məkkədə nazil olduğu üçün Peyğəmbərin (s) ailəsi yalnız Xədicə (ə) və Əlidən (s) ibarət idi. Əlbəttə, bu cümlə Peyğəmbərin (s) digər yaxınlarına da şamil ola bilər. Çünki zaman keçdikcə Peyğəmbərin (s) ailəsi böyümüşdür[53]. Hədislərdə yazılana görə Peyğəmbər (s) bu ayəyə əməl etmək üçün uzun müddət Əli (ə) və Fatimənin (ə) evinə gedər, qapını iki tərəfdən də tutaraq deyərmiş: “Namaz! Allah sizə rəhm etsin. Allah çirkinliyi siz Əhli-beytdən uzaqlaşdırmaq və sizi tamamilə pak etmək istəyir.”[54] İbadətə Allahın deyil, insanın ehtiyacı var: Namaz Allahın əzəmətini artırmır, insanların kamilləşməsi üçün böyük bir sərmayə və böyük bir tərbiyə məktəbidir. Başqa sözlə desək, Allah özü və ətrafındakıların həyatını idarə etmək üçün öz millətindən bac-xərac yığan şah və hökmdalara bənzəmir. Allahın heç kimə ehtiyacı yoxdur, hamı Ona möhtacdır. Oxşar məzmuna “Zariyat” surəsinin 56-57-ci ayələrində də rast gəlmək olar: “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.” Deməli, ibadətin nətcəsi birbaşa ibadət edənin özünə aid olur[55].   [1] Nümunə, c.13, səh.144 [2] Nümunə, c.13, səh.153 [3] Nümunə, c.13, səh.156 [4] Nümunə, c.13, səh.156 [5] Nümunə, c.13, səh.167 [6] Nümunə, c.13, səh.174 [7] Nümunə, c.13, səh.171 [8] Ətyəbül-bəyan, c.9, səh.16 [9] Ətyəbül-bəyan, c.9, səh.21 [10] Nümunə, c.13, səh.180 [11] Əl-Mizan, c.14, səh.144 [12] Nümunə, c.13, səh.191-193 [13] Nümunə, c.13, səh.192 [14] Nümunə, c.13, səh.213 [15] Nümunə, c.13, səh.198 [16] Nümunə, c.13, səh.200 [17] Nümunə, c.13, səh.205 [18] Nümunə, c.13, səh.213 [19] Nümunə, c.13, səh.218 [20] Əl-Mzan, c.14, səh.169 [21] Nümunə, c.13, səh.222 [22] Nümunə, c.13, səh.222 [23] Nümunə, c.13, səh.231 [24] Əl-Mizan, c.14, səh.175 [25] Nümunə, c.13, səh.237 [26] Nümunə, c.13, səh.238 [27] Nümunə, c.13, səh.236 [28] Əl-Mizan, c.14, səh.181 [29] Ətyəbül-bəyan, c.9, səh.65 [30] Nümunə, c.13, səh.257 [31] Nümunə, c.13, səh.261 [32] Nümunə, c.13, səh.263; Əl-Mizan, c.14, səh.188 [33] Nümunə, c.13, səh.267 [34] Nümunə, c.13, səh.271 [35] Ətyəbül-bəyan, c.9, səh.88 [36] Nümunə, c.13, səh.283 [37] Əl-Mizan, c.14, səh.196 [38] Əl-Mizan, c.14, səh.196 [39] Nümunə, c.13, səh.297 [40] Nümunə, c.13, səh.298 [41] Əl-Mizan, c.14, səh.209 [42] Nümunə, c.13, səh.299 [43] Nümunə, c.13, səh.303 [44] Nümunə, c.13, səh.304 [45] Əl-Mizan, c.14, səh.214 [46] Əl-Mizan, c.14, səh.214 [47] Nümunə, c.13, səh.321 [48] Əl-Mizan, c.14, səh.224 [49] Nümunə, c.13, səh.331 [50] Əl-Mizan, c.14, səh.232 [51] Əl-Mizan, c.14, səh.234 [52] Nümunə, c.13, səh.339 [53] Nümunə, c.13, səh.242 [54] Əl-Mizan, c.14, səh.241 [55] Nümunə, c.13, səh.342

QURANI KƏRIM 08.02.2025

“Məryəm” surəsi xülasə təfsiri və tərcüməsi

“Məryəm” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Kaf, Ha, Ya, Ayn, Sad. (Bu,) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya olan mərhəmətindən bir xatırlatmadır. Bir zaman Rəb­­binə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə dua edərkən onun qəbulundan əsla məhrum edilməmişəm. Mən özümdən sonra gələn qohumlarımdan (onların Sənin haqq dinini qorumayacaqlarından) qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir canişin bəxş et ki, həm mənim, həm də Yaqubun nəslinin varisi olsun. Elə et ki, Sənin razılığını qazanmış olsun!” “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı (ondan) öncə kimsəyə qoymamışıq!” Dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalıb əldən düşdüyüm halda, mənim övladım necə ola bilər?” (Mələk) dedi: “Belədir, Rəbbin: “Bu, Mənim üçün asandır. Daha öncə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”, – deyə buyurub”. Dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et”. Buyurdu: “Əlamətin budur ki, danışa bildiyin halda, üç gün adam­­larla danışmayacaqsan!” O, ibadət etdiyi mehrabdan öz camaatının qarşısına çıxıb işarə ilə onlara dedi: “Səhər-axşam (Allaha) təriflər deyin!” ——————————————————————————– “Məryəm” surəsinin ümumi məzmunu: Bu surə məzmun baxımından bir neçə hissədən ibarətdir: 1. Bu surənin ən mühüm hissəsində həzrət Nuh, İbrahim, İshaq, Yaqub, Musa, İsmail, İdris, Zəkəriyya, Yəhya, İsa (Allahın salamı olsun onların hamısına) kimi bəzi böyük peyğəmbərlər, o cümlədən pak və müqəddəs xanım Məryəmin (ə) əhavalatları nəql edilir. Bu əhvalatlarda xüsusi tərbiyəvi nüanslar yer almışdır. 2. Surənin digər hissəsi Qiyamət, Qiyamətin necə olacağı, günakarların aqibəti, təqvalı insanların mükafatı və sair kimi mövzuları ehtiva edir. 3. Əvvəlki hissələri tamamlayan öyüd və nəsihət hissəsi. 4. Sonuncu hissə ümumlikdə, insan nəfsinin iman, təmizlik, paklıq və təqvaya sövq edilməsində rol oynaya biləcək Quran, Allahın övladının olmaması və şəfaətlə bağlı olan tərbiyəvi mövzuları əhatə edir[1]. Kaf, Ha, Ya, Ayn, Sad: “Bəqərə” surəsinin birinci ayəsində “müqəttəə” hərfləri ilə bağlı izahat vermişik. Burada qeyd edilməsi lazım olan məsələlərdən biri budur ki, sözügedən surənin müqəttəə hərflərindən bəhs edən hədislər iki qrupa bölünmüşdür: 1. Hədislərdə bu hərflərdən hər biri ilə Allahın gözəl adlarına işarə edildiyi qeyd edilmişdir: Kaf hərfi ilə Kafi, ha hərfi ilə Hadi, ya hərfi ilə Vəli, ayn hərfi ilə Alim, sad hərfi ilə Sadiqül-vəd adı nəzərdə tutulmuşdur. 2. Hədislərdə bu hərflər vasitəsilə İmam Hüseynin (ə) qiyamına işarə edildiyi qeyd edilmişdir: Kaf hərfi ilə Kərbəla, ha hərfi ilə Peyğəmbər ailəsinin (ə) həlak ediləcəyinə, yə hərfi ilə Yezid, ayn hərfi ilə ətəş (susuzluğa), sad hərfi ilə İmam Hüseyn (ə) və yoldaşlarının səbrinə işarə edilmişdir. Nəzərə almalıyıq ki, Quran ayələrinin müxtəlif mənaları vardır. Ayələrin mənası bəzən keçmiş və gələcəyə aid olsa da, bu müxtəlifliklər heç bir təzada səbəb olmur. Əks təqdirdə, əgər ayənin mənasını bir yozumla məhdudlaşdırsaq, bu məhdudlaşdırma ayənin nazilolma şəraiti və zamanı baxımından problem yarada bilər[2]. Yaqub sülaləsinin varisi olan övlad: Zəkəriyyanın (ə) həyat yoldaşı həzrət Süleymanın (ə), həzrət Süleyman (ə) isə həzrət Yaqubun (ə) nəslindəndir. Buna görə də Zəkəriyya (ə) Allahdan ona özünün və  Yaqub (ə) nəslinin varisi olacaq bir övlad verməsini istəyir[3]. Yəhya adı analoqu olmayan bir ad olmuşdur: Bu ayədən belə məlum olur ki, Yəhyanın adını Allah Özü qoymuş və ondan əvvəl heç kəs bu adı daşımamışdır. Əlbəttə, Yəhyanın adının analoqu olmaması deyilərkən onun kimi bir şəxsiyyətin olmaması da nəzərdə tutula bilər. Bu iddianı Allahın Quranda əvvəlki peyğəmbərlərdən heç biri haqqında demədiyi və yalnız Yəhya ilə bağlı qeyd etdiyi xüsusiyyətlər təsdiq edir; uşaq yaşında peyğəmbərliyə çatması, evlənməməsi, doğularkən, ölərkən və qaldırılarkən Allah tərəfindən salamlanması. Əlbəttə, həzrət İsa (ə) da bu xüsusiyyətlərdə onunla ortaq olmuşdur, ancaq nəzərə almaq lazımdır ki, İsanın (ə) doğuluşu Yəhyanın (ə) doğuluşundan sonra olmuşdur[4]. Bir məsələni də qeyd etməliyik ki, bu ilahi peyğəmbərin evlənməkdən imtina etməsinin xüsusi bir səbəbi olmuşdur. Yoxsa ki, evlənməkdən imtina etmək, ümumiyyətlə, insan üçün kamillik hesab edilmir. Daha ətraflı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu və “Ali-İmran” surəsinin 29-cu ayəsinin təfsirinə baxa bilərlər. Deyilənlərə bir də bunu əlavə etməliyik ki, bir peyğəmbərin spesifik xüsusiyyətlərinin söylənməsi onun məqam baxımından digər peyğəmbərlərdən üstün olması kimi başa düşülməməlidir. Bütün bunlar onun özünəməxsus imtiyazlarını göstərmək üçündür[5]. İmam Hüseynlə (ə) həzrət Yəhyanın (ə) oxşarlıqları: Hədislərdə İmam Hüseynlə (ə) həzrət Yəhyanın (ə) ortaq cəhətlərinin olduğu qeyd edilmişdir. Ad cəhətdən onların heç birinin özündən əvvəl adaşı olmamışdır; hər ikisinin başı Allah dinini müdafiə etdiyi üçün kəsilmişdir; hər ikisinin qatili haramzada olmuşdur; hər ikisi qətlə yetrildikdən sonra qırx gün göy üzü günəş çıxıb batana qədər qırmızı rəngə boyanmışdır[6]. “Ey Yəhya! Kitabdan möhkəm yapış!” Biz uşaq ikən ona peyğəmbərlik əmri verdik. Üstəlik Öz tərəfimizdən ona bir şəfqət və paklıq da bəxş etdik. O, müttəqi idi. Ata-anasına qarşı qayğıkeş idi; zülmkar və asi deyildi. Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! Bu kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən ayrılıb (Beytül-müqəddəsdən) şərq tərəfdə olan bir yerə çəkilmiş, özü ilə onlar arasına bir pərdə tutmuşdu. Bu zaman Biz Öz Ruhumuzu onun yanına göndərdik. O, Məryəmin qarşısında eyibsiz və nöqsansız insan surətində peyda oldu. (Məryəm bərk qorxub) dedi: “Mən sənin şərindən Rəhman Allaha sığınıram! Əgər Allahdan qorxursansa (mənə toxunma!)”. Dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”. (Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də bulaşmış bir qadın olmadığım halda, mənim övladım necə ola bilər?” Dedi: “Elədir, ancaq Rəbbin: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (hökmü verilib) sona çatmış (qəti) bir əmrdir” – deyə buyurub”. Nəhayət, (Məryəm) uşağa qaldı və onu uzaq bir yerə apardı. Doğuş sancıları onu bir xurma ağacının yanına getməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!” Qəfildən ayağının altından bir səs ona dedi: “Qəm yemə, Rəbbin sənin ayağının altından bir bulaq axıtdı. Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, sənin üçün yetişmiş, təzə xurma tökülsün. ————————————————————————————– Allah kitabından möhkəm yapışmaq: Böyük ehtimalla bu ayədə “kitab” deyilərkən Tövrat, ya da Tövratla bərabər Yəhyadan (ə) əvvəl göndərilmiş peyğəmbərlərin kitabları nəzərdə tutulmuşdur. Çünki həmin vaxt şəriət və ilahi hökmlərin mənbəyi Tövrat olmuşdur. Kitabdan möhkəm yapışmaq deyilərkən onun hökmləri və göstərişlərinə diqqət və ciddiyyətlə əməl nəzərdə tutulur[7]. Allahın Yəhyaya (ə) qarşı xüsusi məhəbbəti: Təfsirçilər bu ayədə işlənmiş xüsusi məhəbbət ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, xüsusi məhəbbət deyilərkən burada Allahın ona bəxş etdiyi peyğəmbərlik və rəhbərlik nəzərdə tutulmuşdur. Belə ki, “Hud” surəsinin 28-ci ayəsində Allah Nuhun (ə) dilindən belə buyurmuşdur: “Öz dərgahından mənə bir mərhəmət lütf etmiş olsa…” Məlumdur ki, o, bu cümləsində Allah tərəfindən peyğəmbərlik verilməsini nəzərdə tutmuşdur. Bəziləri hesab edir ki, bu cümlə Yəhyanın (ə) yalnız onu sevənlərin gözünə görünməsini ifadə edir. “Taha” surəsinin 39-cu ayəsində də Musa (ə) haqqında belə buyurulduğunu oxuyuruq: “Öz tərəfimdən sənə qarşı bir sevgi yaratdım.” Yəni Allah insanların qəlbində Musaya (ə) qarşı sevgi yaratmışdı. Bəzilərinə görə xüsusi məhəbbət deyilərkən onun başqalarına qarşı sevgi və məhəbbəti nəzərdə tutulur. O, insanlara qarşı mehriban və xeyirxah idi, onları Allah yoluna və tövbə etməyə çağırırdı. Ancaq ayənin özündən belə məlum olur ki, Allahla Yəhya (ə) arasında xüsusi bir əlaqə və bağlılıq olmuş, Allah onu bu xüsusiyyətlə tərifləmişdir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Allahın Yəhyaya olan xüsusi məhəbbəti elə idi ki, Yəhya nə vaxt “ya Rəbb” desəydi, Allah: “Bəli”, – deyə cavab verərdi.”[8] İnsan həyatının ən qorxulu mərhələləri: İmam Rza (ə) buyurmuşdur: “İnsan həyatının ən qorxulu mərhələləri üç mərhələdir: Doğulduğu və dünyaya göz açdığı gün; öldüyü, axirət və onun sakinlərini gördüyü gün; qaldırılacağı və bu dünyaya hakim olmayan qanunları görəcəyi gün. Allah-taala bu üç mərhələdə Yəhyaya salamatlıq nəsib etdi, ona qorxular qarşısında əminlik və sakitlik bəxş edərək “salam olsun ona”, – deyə buyurdu”[9]. Ruh: Məşhur təfsirçilərin demək olar ki, hamısı burada Ruh deyilərkən Cəbrailin (ə) nəzərdə tutulduğunu qeyd etmişdir. Cəbrailin (ə) nə üçün Ruh deyə təqdim edildiyini isə onun həm ruhani, həm də həyat bəxş edən bir varlıq olması ilə izah etmişlər. O, Allahın ismarışlarını peyğəmbərlərə çatdırdığı üçün layiqli insanların həyatvericisi hesab edilir. Ruh sözünün Allaha aid edilməsi (Bizim Ruhumuz deyilməsi) bu ruhun əzəmətli və şərafətli olduğunu göstərmək üçündür[10]. Nə üçün Məryəm (ə) Allahdan ölüm istədi? Allahdan ölüm istəmək düzgün bir iş deyil. Ancaq bəzən insanın həyatında elə hadisələr baş verir ki, ölümün dadı insana həyatın dadından daha şirin gəlir. Məryəm həmin anlarda bu uşağın dünyaya gəlməsi ilə abır-həyasının ağılsız insanlar qarşısında təhlükəyə düşəcəyindən qorxurdu. Buna görə də ölməyi və tamamilə unudulmağı arzu edir. Bu da onu göstərir ki, o, iffət və həyasını hətta canından da çox istəyirdi, abır-həyası onun üçün hətta canından da üstün idi. Lakin bu fikirləri elə də uzun sürmədi, iki möcüzə görməklə bu fikirlərini tamamilə unutdu[11]. Xurma hamilə qadınlar üçün ən yaxşı qidadır: Allah rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “Qadınların azad olduqdan sonra yeyəcəkləri ilk şey xurma olmalıdır. Məryəm azad olduqdan sonra Allah-taala ona “xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, sənin üçün yetişmiş, təzə xurma tökülsün”, – deyə buyurmuşdur. Bəzi hədislərdə hamilə qadın üçün ən yaxşı qida və dərmanın xurma olduğu buyurulmuşdur[12]. (Bu dadlı qidadan) ye, (bu dadlı sudan) iç, (bu körpənin doğumu münasibətilə) gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, (işarə ilə) de: “Mən Rəhman Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün heç kimlə danışmayacağam”. (Məryəm) körpəni qucağına alıb öz tayfasının yanına gətirdi. Dedilər: “Ey Məryəm! Sən yaramaz və qəribə bir iş tutmusan. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun qadın olmamışdır”. (Məryəm) ona işarə etdi. Dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” (Qəfildən İsa dil açıb) dedi: “Mən Allahın quluyam! O, mənə kitab verib və məni peyğəmbər etmişdir. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi tövsiyə etdi. Məni anama qarşı qayğıkeş etdi, zülmkar və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur. Allaha övlad götürmək əsla yaraşmaz. O, pak və müqəddəsdir! O, nəyisə əmr etdikdə ona ancaq: “Ol!”– deyər, o da dərhal olar. “Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Yalnız Ona ibadət edin! Doğru yol budur”. Ancaq (ondan sonra) ardıcıllarından olan firqələr arasında ixtilaf düşdü. Böyük günü görəcək kafirlərin vay halına! Onlar Bizim hüzurumuza gələcəkləri gün necə də yaxşı eşidən qulağa və necə də yaxşı görən gözlərə sahib olacaqlar! Lakin bu zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər. —————————————————————————————– Sükut orucu və oruc olanda sükut: Ayənin zahiri məzmunundan belə məlum olur ki, İsanın (ə) özünün danışması, anasının müdafəsinə qalxması və onun pak olduğunu sübuta yetirmək üçün Məryəmə (ə) sükut etmək əmri verilmiş və o da Allahın əmri ilə bir müddət sükut etməli olmuşdu. Bu üsul hər bir cəhətdən faydalı idi. Ayədən həm də belə başa düşülür ki, sükut nəziri həmin cəmiyyətə məlum bir ibadət növü olmuşdur. Buna görə ona heç bir etiraz bildirmirlər. Hərçənd ki, bu oruc növü İslam üçün səciyyəvi deyil. İmam Zeynülabidin (ə) hədislərinin birində belə buyurmuşdur: “Sükut orucu haramdır”. Bu, o dövrün şəraiti ilə İslamın meydana gəldiyi dövrün şəraiti arasında fərq olduğundan irəli gəlirdi. Əlbəttə, İslamda oruc adətlərindən biri oruc olarkən insanın dilini günah və bəyənilməyən sözləri danışmaqdan, gözlərini istənilən günaha baxmaqdan qorumasıdır. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Oruc tutmaq təkcə insanın özünü yemək və içməkdən saxlamasından ibarət deyil. Məryəm demişdi: “Mən Rəhman Allaha xatir nəzir orucu tutmuşam”. Qəsdi susmaq və sükut etmək olmuşdu. Buna görə də oruc olduğunuz vaxt dilinizi və gözlərinizi günahdan qoruyun. Bir-birinizə qarşı paxıl olmayın, mübahisə etməyin.”[13] Məryəm – Harunun bacısı! Onların “ey Harunun bacısı!” deməsi təfsirçilər arasında müxtəlif yozumların meydana çıxmasına səbəb olmuşdur. Daha düzgün ehtimal budur ki, Harun pak və əməlisaleh bir insan olmuşdur. Bu cəhətinə görə də İsrail oğulları arasında məsələ çevrilmişdi. Onlar kiminsə pak olduğunu söyləmək istədikdə ona “ey Harunun qardaşı və ya ey Harunun bacısı”, – deyə xitab edirdilər. Bu məzmun Peyğəmbərə (s) aid edilən qısa bir hədisdə də öz əksini tapmışdır. Peyğəmbərə aid edilən hədislərin birində isə İsrail oğulları arasında yaxşı və əməlisaleh insanların peyğəmbərlər və əməlisaleh insanlarla təqdim edilməsi ənənəvi bir davranış olduğu qeyd edilmişdir[14]. İsa (ə) Allahın bəndəsidir: Həzrət İsa (ə) sözünə Allahın bəndəsi olduğunu söyləməklə başlayıb, Allaha ibadət etməyə əmr olunduğunu deməklə bitirmişdi (36-cı ayə). Bununla da onun haqqında ifrata varanların və ona Allah deyənlərin qarşısını almaq məqsədi güdmüşdür. Halbuki 37-ci ayədə də işarə edildiyi kimi, ondan sonra ardıcıllarından olan firqələr arasında ixtilaf yaranmış, onu Allah və ya Allahın oğlu adlandırmışdılar[15]. Namaza çağırış: Bir nəfər İmam Sadiqdən (ə) insanı Allaha yaxınlaşdıran ən yaxşı vasitələrin və bu vasitələr arasında Allah qatında ən sevilən əməlin hansı olması ilə bağlı soruşduğunda İmam (ə) buyurmuşdu: “Allahıtanımadan sonra namazdan yaxşı əməl yoxdur. Məgər Allahın saleh bəndəsi olan Məryəm oğlu İsanın (ə): “Mənə namaz qılmaq tövsiyə edilmişdir”, – deyə buyurduğunu eşitməmisənmi?”[16] Ananın məqamı: Allahın əmri ilə atası olmadan dünyaya gəlmiş həzrət İsa (ə) anasına qarşı qayğıkeş olması ilə fəxr etməsi ananın məqamının çox yüksək olduğundan xəbər verir. Bu barədə çoxlu sayda hədislər mövcuddur. Müsəlmanlar təkcə sözdə deyil, əməldə də buna səy göstərməlidirlər. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: Bir nəfər Peyğəmbərin (s) yanına gəlib ona dedi: Ey Allahın rəsulu, kimə yaxşılıq edim? Buyurdu: “Anana”, Dedi: Sonra kimə? Buyurdu: “Anana”, Dedi: Daha sonra kimə? Buyurdu: “Anana”. Dördüncü dəfə sualını təkrar etdikdə Peyğəmbər (s) buyurdu: “Atana”. Hədislərin birində isə belə qeyd edilmişdir: Bir gənc (ümumi səfərbərlik elan edilməmiş) cihadda iştirak etmək üçün Peyğəmbərin (s) yanına gəldi. Peyğəmbər (s) buyurdu: “Anan varmı?” Gənc: “Bəli”, – deyə cavab verdi. Peyğəmbər (s) buyurdu: “Ananın xidmətində dur, Cənnət anaların ayaqları altındadır.”[17] Sən onları hər şeyin sona yetəcəyi vaxt həsrət çəkiləcək günlə qorxut! Onlar qəflətdədirlər və iman gətirmirlər. Biz yerə və onun üstündə olanlara sahib çıxacağıq. Hamısı bizə doğru qaytarılacaq. Bu kitabda İbrahimi də xatırla! O, çox düz danışan və peyğəmbər idi. Bir zaman o, atasına (əmisi Azərə) demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənin heç bir probelmini həll etməyən bir şeyə sitayiş edirsən? Ata, sənə gəlməyən bir elm mənə gəlmişdir. Buna görə də arxamca gəl ki, səni doğru yola yönəldim. Ata, Şeytana ibadət etmə! Şeytan Rəhman Allaha asi olub. Ata, qorxuram ki, Rəhman Allahdan sənə bir əzab toxunsun və nəticədə, Şeytanın dostlarından olasan”. Dedi: “İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Əgər (bu işindən) əl çəkməsən, səni daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” (İbrahim) dedi: “Sənə salam olsun! Mən tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Çünki O, hər zaman mənə qarşı lütfkar olmuşdur. Mən sizi və Allahdan başqa sitayiş etdiyinizi tərk edir və öz Rəbbimə dua edirəm. Rəbbimi çağırarkən cavabsız qalmayacağıma ümidvaram. İbrahim onları və onların Allahdan başqa yalvardıqlarını tərk etdiyi zaman Biz ona İshaqı və Yaqubu bəxş etdik. Biz onların hər ikisini peyğəmbər etdik. Onlara öz mərhəmətimizdən əta etdik və onlara (gələcək ümmətlər arasında) yaxşı ad və yüksək məqam nəsib elədik. Bu kitabda Musanı da xatırla! O, ixlaslı, yüksək məqama sahib elçi və peyğəmbər idi. ————————————————————————————— Ölümün öldürüləcəyi gün: Allah rəsulu (s) buyurmuşdur: Cənnətliklər Cənnətə, cəhənnəmliklər Cəhənnəmə daxil olduqlarında bir nəfər: “Ey Cənnətin sakinləri!” – deyə çağıracaq. Sonra yenə: “Ey Cəhənnəmin sakinləri”, – deyə səslənəcək. Hər iki dəstə səsin sahibinə doğru boylanacaq. Bu vaxt ölümü ağ və qara qoyun şəklində gətirəcəklər. Həmin səsin sahibi deyəcək: “Ölümü tanıyırsınızmı?” Deyəcəklər “Budur”. Hamı onu tanıyacaq. Sonra həmin şəxs qoyunun başını kəsib deyəcək: “Artıq sizə ölüm yoxdur, əbədi olaraq Cənnətdə qalacaqsınız”. Üzünü cəhənnəmliklərə tutaraq deyəcək: “Sizə də ölüm yoxdur, əbədi Cəhənnəmdə qalacaqsınız”. Allah-taala bu barədə belə buyurmuşdur: “Onları həsrət çəkiləcək günlə qorxut!” Bu hədisi nəql etdikdən sonra İmam Baqir (ə) və İmam Sadiq (ə) belə buyurmuşlar: “Cənnətliklər o qədər sevinəcəklər ki, əgər o gün kimin üçünsə ölüm olsa, şübhəsiz ki, sevincdən olar. Cəhənnəmliklər o qədər həsrət çəkəcəklər ki, əgər həmin gün ölüm olsa, şübhəsiz ki, ölərlər.”[18] İbrahimin atası kim olub? Bu ayələrdə İbrahimin (ə) ata deyə çağırdığı şəxsin adı “Ənam” surəsinin 74-cü ayəsinə əsasən Azər olmuşdur. Bu şəxs İbrahimin həqiqi atası deyil, ya əmisi, ya ana babası, ya da atası vəfat etdikdən sonra anasının ailə qurduğu şəxsdir. (Daha çox məlumat əldə etmək istəyənlər “Ənam” surəsinin 74-cü ayəsinə baxa bilərlər)[19]. Şeytana ibadət: Məlumdur ki, burada ibadət deyilərkən Şeytana səcdə etmək, namaz qılmaq, oruc tutmaq deyil, bir növ ibadət və sitayiş hesab edilən əmrə tabeçlik nəzərdə tutulmuşdur. Allah rəsulu (ə) belə buyurmuşdur: Söz danışana qulaq asan şəxs ona sitayiş edir. Əgər danışan Allah tərəfindən danışarsa, dinləyici Allaha, əgər İblis tərəfindən danışırsa, İblisə ibadət etmiş olur[20]. İbrahimin (ə) Azərə salam verməsi: Bu salam vidalaşma və xudahafizləşmə mənasında ola bilər. Ola bilsin ki, İbrahim bu salama bir neçə cümlə də əlavə edərək atası Azəri tərk etmişdir. Bu salam mübahisəyə son qoymaq məqsədi ilə də deyilmiş ola bilər. Necə ki, “Qəsəs” surəsinin 55-ci ayəsində buyurulmuşdur: “Onlar lağlağı eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahillərə qoşulmaq istəmirik!”– deyirlər.”[21] Salam deyilərkən bu ayədə əmin-amanlıq və salamatlıq da nəzərdə tutula bilər. Çünki Azər İbrahimi ölümlə təhdid edir, o isə qarşılığında Azərə əmin-amanlıq və salamatlıq arzulayırdı. Nadanların cahil davranışlarına onların özləri kimi qarşılıq vermək alicənablıqdan deyil. Onlar qarşı tərəfə alicənablara xas olan şəkildə cavab verirlər. Necə ki, “Furqan” surəsinin 64-cü ayəsində buyurulmuşdur: “Rəhmanın (əsl) bəndələri … cahillər söz atdıqları (xoşlarına gəlməyən bir söz dedikləri) zaman onlara salam deyən, etinasızlıq və alicənablıq göstərən şəxslərdir.”[22] Tezliklə sənin üçün bağışlanma diləyərəm: İbrahimin müşrik Azər üçün bağışlanma diləyəcəyi ilə bağlı vəd verməsi hələ də onun haqq yola gələcəyinə və iman gətirəcəyinə ümid bəsləməsi ilə bağlı idi. Ancaq Azərin Allah düşməni olduğu və iman gətirməyəcəyi tam aydın olduğunda ondan uzaqlaşdı. “Tövbə” surəsinin 114-cü ayəsində bu nüansa işarə edilmişdir[23]. Biz (Musanı) Tur dağının sağ tərəfindən çağırdıq və xəlvəti danışaraq onu Özümüzə yaxın etdik. Biz Öz mərhəmətimizdən ona peyğəmbər olan qardaşı Harunu da bəxş etdik. Bu kitabda İsmaili də xatırla! O, öz vədinə sadiq, elçi və peyğəmbər idi. O, öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. Bu kitabda İdrisi də xatırla! O, çox düz danışan və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adəmin və Nuhla birlikdə (gəmidə) daşıdığımız kimsələrin nəslindən, İbrahimin və İsrailin nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlar Rəhman Allahın ayələri oxunduğu zaman səcdə edib ağlayanlardır. Amma onlardan sonra namazı dəyərdən salan, şəhvətə uyan övladlar gəldi. Tezliklə öz azğınlıqlarını(n cəzasını) görəcəklər. Ancaq (Allaha) tövbə edib iman gətirənlər və xeyirxahlıq edənlər istisnadır. Onlar Cənnətə daxil olacaq və heç bir haqsızlığa məruz qalmayacaqlar. Onlar Rəhman Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri əbədi bağlara daxl olacaqlar. Onun vədi, mütləq, yerinə yetəcəkdir. Onlar orada boş və mənasız sözlər eşitməyəcəklər, “salam”dan başqa bir söz olmayacaq. Orada (Cənnətdə) səhər-axşam onların ruzisi olacaqdır. Qullarımızdan olan müttəqilər üçün miras verəcəyimiz Cənnət budur. (Vəhy bir müddət təxirə düşdükdən sonra Cəbrail Peyğəmbərə dedi:) “Biz yalnız sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin əsla unudan deyildir”. —————————————————————————————- Vədinə sadiq İsmail: Əhli-beyt (ə) hədislərinə əsasən, bu ayədə adı çəkilən İsmail (ə) İbrahimin (ə) oğlu deyil, Allahın göndərdiyi peyğəmbərlərdən olan İsmail ibn Hizqildir. Bir gün İmam Rza (ə) səhabələrinin birindən soruşur: “İsmailin nə üçün “vədinə sadiq” adlandırılmasının səbəbini bilirsənmi?” Hədisin ravisi: “Xeyr”, – deyə cavab verdikdə İmam (ə) buyurur: “O, bir kişi ilə bir yerdə görüşməyi qərarlaşdırmışdı. (Həmin şəxs qərarlaşdırılan yerə gəlməmiş, ancaq) İsmail bir il həmin adamı gözləmişdi.”[24] Təbii ki, İsmail bütün iş-gücünü atıb həmin adamı gözləməmişdir. Öz həyatına davam etsə də həmin şəxsin gəlişini gözləmişdir[25]. Təbliğata ailədən başlamağın zəruriliyi: Peyğəmbərliyin ilk təbliğat mərhələsi insana hər kəsdən yaxın olan ailədən başlayır. Bu səbəbdən də İslam peyğəmbəri (s) təbliğatına həyat yoldaşı Xədicə və əmisi oğlu Əli (ə) ilə başlamışdır. Daha sonra “Şuəra” surəsinin 214-cü ayəsində “yaxın qohumlarını qorxut” əmrinə əsasən yaxın qohumlarına çağırış etmişdir. “Taha” surəsinin 122-ci ayəsində belə buyurulduğunu görürük: “Ailəni namaza dəvət et, namazın yerinə yetirilməsində səbirli ol”[26]. İdris (ə): Təfsirçilərin çoxunun yazdığına görə İdris (ə) Nuhun (ə) ata babası olmuşdur. Tövratda onun adı Əxnux kimi qeyd edilmişdir ki, onun da ərəbcə tərcüməsi İdrisdir. Bəziləri bu sözün kökünün “dərs” olduğunu qeyd etmişlər. Çünki o, qələmlə yazan ilk şəxs olmuşdur. İdris (ə) peyğəmbərliklə yanaşı astronomiya, hesab və astrologiya elmlərini də bilmişdir. O, insanlara paltar tikməyi öyrədən ilk şəxs olmuşdur[27]. Dəbdəbəli həyata meyilliliyin pislənməsi: İmam Əli (ə) buyurmuşdur: “Nəfsi istəyinin dalınca düşən şəxs möhkəm bina tikdirən, insanların gözlərini qamaşdıran miniyə minən və barmaqla göstərilən paltar geyinən şəxsdir.”[28] Bu hədis ayənin məzmunun məhdudlaşdırmır, onun ən parlaq nümunəsini ehtiva edir. Sübh və şam vaxtı Cənnət sakinlərinə verilən qiymətli hədiyyələr: Allah rəsulu (ə) buyurmuşdur: “Cənnət sakinlərinə dünyada namaz qıldıqları vaxtlarla eyni vaxtda Allah tərəfindən qiymətli hədiyyələr bəxş edilir.” Bu hədisdən belə məlum olur ki, təsəvvürə gəlməyən, təxmin belə edilə bilməyən bu hədiyyələr Cənnətin spesifik nemətləri ilə yanaşı səhər və axşam vaxtları Cənnət sakinlərinə hədiyyə ediləcək çox qiymətli nemətlərdir. Bu deyilənlərdən Cənnət həyatının monoton olmayacağı qənaətinə gəlmək olar. Hər səhər-axşam Allah yeni lütfü ilə onları sevindirəcək. Onlar özlərinə bu dünyadakı pak etiqadları və saleh əməlləri ilə təmin etdikləri miniklə öz kamillik səfərlərini davam etdirəcəklər[29]. Kafirlərin Cənnətdəki məskənlərinin varisləri: “Miras” insan öldükdən sonra onun başqasının mülkiyyətinə keçən malına deyilir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmudşur: “İstisnasız olaraq hər kəsin Cənnətdə və Cəhənnəmdə bir yeri vardır. Kafirlər möminlərin Cəhənnəmdəki yerlərinə, möminlər isə kafirlərin Cənnətdəki yerlərinə sahib olurlar.”[30] Vəhy mələyi yalnız Allahın əmri ilə enir: Bu və sonrakı ayə ilə bağlı müxtəlif yozum və izahlar verilmişdir. Allah-taala 63-cü ayəni göndərdikdən sonra vəhy mələyi vasitəsilə Peyğəmbərə (s) bunları söyləməsini əmr etmişdir: De: “Bu sözləri mən özümdən demirəm, bunlar Allahın kəlamıdır, mən yalnız yerin və göylərin Rəbbi olan Allahın əmri ilə enirəm. Gərək ona ibadət edəsən. Çünki onun tayı-bərabəri və bənzəri yoxdur.” Ayə mələyə aid sözlər olması təəssüratı yaratsa da, əslində, Allahın ismarışıdır[31]. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?! İnsan deyər: “Doğrudanmı mən öldükdən sonra (qəbirdən) diri çıxardılacağam?” Məgər insan bundan əvvəl heç bir şey deyilkən onu yaratdığımızı xatırlamırmı? Rəbbinə and olsun ki, onların hamısını şeytanlarla birlikdə bir yerə toplayacaq, sonra da diz üstə çökmüş halda Cəhənnəmin ətrafına yığacağıq. Sonra hər firqədən Rəhman Allaha ən çox asi olanı ayıracağıq. Odda yanmağa daha çox layiq olanları Biz daha yaxşı tanıyırıq. Hamı oraya daxil olacaqdır. Bu, Rəbbinin qəti bir əmridir. Sonra Biz müttəqiləri oradan xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik. Onlara açıq-aydın ayələrimiz oxunduğu zaman kafirlər möminlərə deyərlər: “Bu iki firqədən hansının məqamı daha yaxşı, məclisi daha gözəldir?” Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə onlardan daha üstün olan neçə-neçə qövmləri məhv etdik. De: “Qoy Rəhman Allah azğınlıqda olan şəxsə ilahi vədi; ya əzabı, ya da Qiyaməti öz gözləri ilə görənə qədər möhlət versin! (Həmin gün) kimin yerinin daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”. Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır. —————————————————————————————– Kafirlərin şeytanlarla yoldaşlığı: Onlar dünyada imansızlıqları sayəsində şeytanların hakimiyyəti altına keçdikləri, buna görə də axirətdə öz rəhbərləri ilə çağırılacaqları üçün ayədə “onları şeytanlarla birlikdə bir yerə toplayacağıq”, – deyə buyurulmuşdur. “Əraf” surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: “Biz şeytanları iman gətirməyənlərin rəhbəri etdik.” Şeytanlar da dünyada onlarla oturub-durduqları üçün axirətdə onlarla birlikdə çağırılacaqlar. “Zuxruf” surəsinin 36-cı ayəsində belə buyurulmuşdur: “Hər kəs Allahı xatırlamaqdan üz çevirsə, hər zaman yaxınında olan Şeytanı ona düçar edərik”[32]. 71-72. Hamı Cəhənnəmə daxil olacaq: Bu ayəni təfsir edərkən təfsirçilərin əksəriyyəti bildirmişdir ki, istisnasız olaraq bütün yaxşı və pis insanlar Cəhənnəmə daxil olacaqlar. Nəmrudun odu İbrahim (ə) üçün sərin olduğu kimi, Cəhənnəm də Cənnət sakinləri üçün sərin və əzabsız olacaq. Çünki odun onlarla heç bir əlaqəsi olmayacaq. Yalnız Cəhənnəm odu ilə uyğunluğu olan Cəhənnəm sakinləri alışqanan maddə kimi alovlanacaqlar. Bir nəfər Cabir ibn Abdullah Ənsaridən bu ayənin təfsiri haqqında soruşduqda Cabir iki barmağı ilə iki qulağına işarə edərək deyir: Bu qulaqlarımla Peyğəmbərdən (s) eşitdim. Əgər yalan desəm, kar olum. Peyğəmbər (s) buyurdu: “Daxil olmaq bu ayədə girmək mənasındadır. İstisnasız olaraq bütün yaxşı və pis əməlli insanlar Cəhənnəmə daxil olacaqlar. Od İbrahimə qarşı sərin olduğu kimi, Cəhənnəm möminlər üçün də sərin və əziyyətsiz olacaq. Nəhayət, Cəhənnəm soyuğun şiddətindən fəryad qoparacaq. Sonra Allah təqvalıları oradan çıxaracaq, zalımları isə xar şəkildə orada tərk edəcək.” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: Qiyamət günü od imanlı şəxsə deyəcək: “Məndən tez ötüb keç ki, nurun alovumu söndürməsin.” Hədisdəki Cəhənnəmin üzərindən çəkilmiş tükdən nazik, qılıncdan iti olan Sirat körpüsü ifadəsi də bu yozumu təsdiq edir. Əsilndə, Cəhənnəmi və oradakı əzabları görmək Cənnət nemətlərinin ləzzətinin bir neçə dəfə artmasına səbəb olur. Belə ki, möminlər hansı təhlükəni adladıqlarının şahidi olacaqlar. Bundan əlavə onlar oddan elə sürətlə keçəcəklər ki, azacıq da olsa zərər görməyəcəklər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “İnsanların hamısı Cəhənnəm oduna daxil olacaq. Sonra oradan əməllərinə uyğun şəkildə çıxacaqlar; bəziləri ildırım sürətilə, bəziləri sürətlə əsən külək, bəziləri iti qaçan at, bəziləri adi süvari, bəziləri iti gedən piyada, bəziləri isə adi gedən piyada kimi çıxacaq”[33]. Sərvətə görə lovğalanmaq: Bütün dövrlərdə olduğu kimi, o dövrün də cahil cəmiyyətinin dəyər meyarı qızıl-gümüş, pul, məqam, mövqe, vəzifə, zahiri görkəm olduğu üçün Nəzr ibn Haris kimi despot varlılar Peyğəmbərə (s) ilk iman gətirmiş vəfalı və yoxsul möminlərin yanında lovğalanaraq deyirdilər: Bizim şəxsiyyətimizi göstərən əlamət bizimlədir, ancaq sizin şəxsiyyətsizliyinizin əlaməti yoxsulluğunuz və məhrumiyyətinizdir. Bu da bizim haqq və doğru, sizin isə nahaq olduğunuzun br sübutudur. Hədislərdə var ki, bu zadəganlar ən gözəl paltarlarını geyinir, özlərini bəzəyir, Allah rəsulunun (s) səhabələrinin önünə düşür və onlara istehza ilə baxırdılar[34]. Gizli əzab: Burada Quranın təbirincə tədrici əzab adlanan ilahi əzaba işarə edilmişdir. Bəzən Allah imansız və kafir insanları cəzalandırmaq üçün bol nemətə qərq edir, Allahı və Onun ayələrini tamamilə yadlarından çıxarmaları üçün möhlət verir, iman gətirmələri üçün heç bir ümid yeri qoymur. Bu insanlar dünya və axirətdə Allahın əzabını görmədən öz ixtiyarları ilə iman gətirmirlər. Əzabı gördükən sonra məcburi imanlarının isə heç bir faydası olmaz[35]. Ayələrimizi inkar edib: “Mənə var-dövlət və övlad veriləcəkdir!”– deyən adamı gördünmü? Olmaya, o, qeybdən xəbərdar olub, yoxsa Allahdan vəd alıb? Əsla belə deyil! Biz tezliklə onun dediklərini yazacaq və əzabını davamlı edəcəyik. Onun söylədiyi şeylər (var-dövlət və övlad) Bizə qalacaq və o, hüzurumuza tək-tənha gələcəkdir. Onlar Allahdan başqa tanrılar qəbul etdilər ki, onları izzət sahibi etsinlər. Əsla! Tezliklə (məbudları) onların ibadətini inkar edəcək və onlara qarşı çıxacaqlar. Məgər kafirlərin üstünə onları təhrik etmələri üçün şeytanları göndərdiyimizi görmürsənmi? Odur ki, onlardan ötrü tələsmə. Biz onları (və əməllərini) diqqətlə sayırıq. O gün Biz müttəqiləri Rəhman Allahın hüzuruna hörmətli nümayəndələr kimi toplayarıq. Günahkarları isə Cəhənnəmə (susuz dəvə suya qaçan kimi) susamış halda qovarıq. Rəhman Allahdan əhd almış kəslərdən başqaları şəfaət etməyə qadir olmazlar. “Rəhman Allah Özünə övlad götürmüşdür!”– dedilər. Doğrusu, olduqca çirkin sözlər dediniz. Bu sözə görə az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Rəhman Allaha övlad aid etdiklərinə görə. Rəhman Allaha övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Onun qullarıdır. Allah onları hesablamış və diqqətlə saymışdır. Hamısı Qiyamət günü Onun hüzuruna tək-tənha gələcək. ————————————————————————————– Varlı olmağa görə qovulma: Bir neçə ayədə yuxarıda dünyapərəst kafirlərin möminlərin yanında lovğalanmasından söz açılmışdır. Ayələrin ümumi məzmunundan belə başa düşülür ki, inamı zəif olan möminlər, ya da iman gətirmək ərəfəsində olan insanlar kafirlərin təsiri altına düşür, varlı olmağın küfrlə, yoxsul olmağın isə imanla birbaşa əlaqəsinin olduğunu düşünərək kafir olurdular. Allah-taala bu ayələrdə təəccüb ifadə edən bir ahənglə, onların bu qənaətə hansı əsasla gəldiklərini, qeybdən xəbərdarmı olduqlarını, varlı olmaları ilə bağlı Allahdan əhdmi aldıqlarını soruşur. Sonra buyurur ki, Biz bütün var-dövləti onlardan alacaq, özlərini də hüzurumuza tək-tənha gətirəcək, küfrə bulaşmış inancları ilə tanıtdıracaq, çirkin inancına görə davamlı əzaba düçar edəcəyik[36]. Qiyamət günü bütlərin öz ardıcıllarına qarşı durması: Bu ayədə “Fatir” surəsinin 13 və 14-cü ayələrinin ehtiva etdiyi məzmuna işarə edilmişdir. Həmin ayələrdə Allah-taala belə buyurmuşdur: “Ondan başqa çağırdıqlarınız… Qiyamət günü sizin şirkinizi inkar edəcəklər.” Habelə “Əhqaf” surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: “İnsanlar toplandıqları vaxt, bu məbudlar onların düşmənləri olacaqlar.” Əlbəttə, mələklər, şeytanlar, cinlər kimi şüurlu və ağıllı varlıqların vəziyyəti məlumdur. Cansız məbudlara gəlincə, ola bilsin ki, həmin gün Allahın əmri ilə dilə gələcək və onlara ibadət edənlərdən xoşlanmadıqlarını deyəcəklər. İmam Sadiqin (ə) bu ayə ilə bağlı olan hədisində belə buyurulmuşdur: “İbadət təkcə rüku və səcdədən ibarət deyil. İbadət (həm də) ona və buna itaətdən ibarətdir. Yaradana üsyan edərkən hər hansı yaranmışa itaət edən şəxs ona ibadət etmiş sayılır. (Onu müşrik və bütpərəstlərin aqibəti gözləyir.)”[37] Şeytanlar izzət, yoxsa bədbəxtlik səbəbidirlər: 81-ci ayədə buyurulur ki, müşriklər Allaha qoşduqları şəriklərin onları izzət sahibi edəcəyini düşündükləri üçün Allahdan qeyri varlıqlara ibadət edirdilər. Müşriklərin ibadət etdiyi məbudlar sırasında cinlər və şeytanlar da yer alırdı. Bu ayədə buyurulur ki, müşriklərin izzət və yüksəliş səbəbi hesab etdikləri şeytanlar onların bədbəxtlik səbəbidir. Çünki onları şər və fəsada təhrik edir, əbədi bədbəxtliyi onlara ərməğan edirlər[38]. Ümumiyyətlə, şeytanların insanlar üzərindəki hökmranlığı məcburi hökmranlıq deyil. Əslində, qəlbinə və ruhuna daxil olması üçün Şeytana insan özü icazə verir. “Nəhl” surəsinin 100-cü ayəsində belə buyurulmuşdur: “Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir.”[39] Əhd və peyman şəfaətin şərtidir: Bu ayədə buyurulur ki, şəfaətçilərin şərtlərindən biri əhd sahibi olmalarıdır. Təfsirçilər “əhd” sözü ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Əhli-beyt (ə) hədislərinə əsasən deyə bilərik ki, əhdin ən bariz nümunəsi İmam Əli (ə) və ondan sonrakı imamların rəhbərliyidir. Habelə Allahın tək olmasına, Mühəmmədin (s) peyğəmbərliyinə, vəhyə əsaslanan bütün məlumatların; Quran, qohumluq, öldükdən sonra dirilmə, Cənnət, Cəhənnəm, hesab-kitab, əməllərin düzgün ölçüləcəyinin haqq olduğuna şahidlik etmək, möminin qəlbini şad etmək, namazı bütün şərtləri ilə düzgün və tam qılmaq onun nümunələrindəndir[40]. Göylərin parça-parça olması və yerin yarılması nə deməkdir? Bu cümlə Quran ifadələrinə əsasən xüsusi bir həyat, şüur və dərkə sahib olan kainatın (Ənam surəsi, 38-ci ayə; İsra surəsi, 44-cü ayə) pak və müqəddəs olan Allaha atılan bu iftiradan (Allahın övlad sahibi olması iftirasından) bərk qorxuya düşdüyünə işarə edir. Bu cümlə iftiranın çox çirkin olduğunu ifadə etmək üçün obrazlı şəkildə deyilmiş bir cümlə də ola bilər. Bəzən elə biz də hər hansı xoşagəlməz bir hadisə ilə qarşılaşdıqda belə deyirik: “Sanki yer-göy uçub başıma töküldü”[41]. İman gətirib yaxşı işlər görənlərə qarşı Rəhman Allah şübhəsiz ki, qəlblərdə bir sevgi yaradacaq. Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkar düşmənləri qorxudasan. Biz onlardan əvvəl neçə-neçə qövmü məhv etdik. Heç onlardan hansınısa hiss edir və yaxud onlardan az da olsa, səs eşidirsənmi?   [1] Nümunə, c.13, səh.3 [2] Nümunə, c.13, səh.6 [3] Nümunə, c.13, səh.14 [4] Əl-Mizan. C.14, səh.15 [5] Nümunə, c.13, səh.17 [6] Əl-Mizan. C.14, səh.15; Ətyəbül-bəyan, c.8, səh.420 [7] Əl-Mizan, c.14, səh.18 [8] Əl-Mizan, c.14, səh.18 [9] Nümunə, c.13, səh.27 [10] Nümunə, c.13, səh.36 [11] Nümunə, c.13, səh.44 [12] Nümunə, c.13, səh.46 [13] Nümunə, c.13, səh.45 [14] Nümunə, c.13, səh.51 [15] Əl-Mizan, c.14, səh.46; Nümunə, c.13, səh.69 [16] Kafi, c.3, səh.264 [17] Əl-Mizan, c.14 ,səh.46; Nümunə, c.13, səh.69 [18] Əl-Mizan, c.14, səh.54 [19] Əl-Mizan, c.14, səh.56 [20] Nümunə, c.13, səh.78 [21] Nümunə, c.13, səh.84 [22] Əl-Mizan, c.14, səh.59 [23] Əl-Mizan, c.14, səh.59 [24] Əl-Mizan, c.14, səh.64 [25] Nümunə, c.13, səh.95 [26] Nümunə, c.13, səh.96 [27] Nümunə, c.13, səh.102 [28] Əl-Mizan, c.14, səh.80 [29] Nümunə, c.13, səh.107 [30] Nümunə, c.13, səh.108 [31] Əl-Mizan, c.14, səh.81 [32] Əl-Mizan, c.14, səh.87 [33] Nümunə, c.13, səh.118 [34] Nümunə, c.13, səh.122 [35] Nümunə, c.13, səh.124 [36] Əl-Mizan, c.14, səh.104 [37] Nümunə, c.13, səh.129 [38] Əl-Mizan, c.14, səh.107 [39] Nümunə, c.13, səh.132 [40] Təfsiri-mövzui, c.5, səh.123 [41] Nümunə, c.13, səh.142

QURANI KƏRIM 08.02.2025

“Kəhf” surəsi xülasə təfsiri və tərcüməsi

“Kəhf” surəsi Rəhman və Rəhim Allahın adı ilə!   Həmd bu kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha məxsusdur! (Bu kitab günahkarları) Allahın şiddətli əzabı ilə qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün sabit, doğru və digər səmavi kitabları qoruyan bir kitabdır. (Möminlər) orada (onlara müjdə verlən Cənnətdə) əbədi qalacaqlar. (Kitabı həm də ona görə nazil etdi ki,) “Allah Özünə övlad götürmüşdür!”– deyənləri qorxutsun. ———————————————————————————– Quranın təhrifə uğramaması: “Quranı haqq olaraq nazil etdik” və “o, haqq olaraq nazil oldu” cümlələrinin fərqi ilə bağlı müxtəlif izahlar verilmişdir. Aydın məsələdir ki, bəzən insan hər hansı işə başlayır, ancaq gücü məhdud olduğu üçün onu doğru-düzgün şəkildə başa çatdıra bilmir. Hər şeyi bilən, hər şeydən xəbərdar olan, hər şeyə gücü çatan şəxs isə həm işə düzgün başlayır, həm də onu tam şəkildə başa çatdırır. Məsələn, bəzən insan suyu öz çeşməsindən tərtəmiz çıxarır, ancaq yolda onun bulanmasının qarşısını ala bilmədiyi üçün istifadəçi duru və təmiz sudan faydalana bilmir. Öz işini bilən və bütün imkanlara sahib olan şəxs isə həm suyu öz çeşməsindən tərtəmiz çıxarır, həm də susuzlara tərtəmiz çatdırır. Quran da Allah tərəfindən haqq olaraq nazil olmuş, bütün çatdırılma mərhələlərində, yəni həm Cəbrail (ə) vasitəsilə göndərilərkən, həm də Peyğəmbər (s) tərəfindən qəbul edilərkən, ümumiyyətlə, heç bir halda heç bir zaman təhrifə məruz qalmır. “Biz zikri nazil etdik, Özümüz də onu qoruyacağıq” ayəsinə əsasən Quran heç bir zaman təhrifə məruz qalmamış və qalmayacaqdır. Çünki Allah-taala onu qorumağı Öz üzərinə götürmüşdür. Deməli, ilahi vəhyin zülal suyu Peyğəmbərin (s) zamanından dünyanın sonuna qədər toxunulmaz şəkildə insanların qəlbinə yol tapmış və tapacaqdır[1]. Quranın tədricən nazil olma arqumentlərindən biri: Bu ayədə Quranın tədricən nazil olmasının mühüm dəlillərindən birinə işarə edilmişdir. İnsanların Quranı yaxşı qavraması, başa düşməsi, əzbərləməsi, ehtiva etdiyi məlumatları yaxşı dərk etməsi, əməli göstərişlərinə əməl edə bilməsi üçün Peyğəmbər (s) onu hissə-hissə oxuyurdu. Əgər Quran birdəfəyə nazil olsaydı, insanlar ondakı məlumatları qavraya və hökmlərinə əməl edə bilməzdilər. Çünki etiqad məsələləri və əməli göstərişləri ehtiva edən böyük həcmin birdəfəyə göndərilməsi o vaxta qədər xilqət, məad və şəriət haqqında heç bir məlumatı olmayan insanlara çətin gələr və onları birdəfəyə qəbul etmələri çətin olardı[2]. Gözəl adlar Ona məxsusdur: Bu ayənin nazilolma səbəblərindən bəhs edən hədislərdə bildirilir ki, bir gecə Peyğəmbər (s) Məkkədə səcdədə ikən Allahı Rəhman və Rəhim adları ilə çağırırdı. Bəhanəçi müşriklər fürsətdən istifadə edib deyirlər: Bu adam bizi çoxallahlı olmaqda ittiham etdiyi, təkallahlı olduğunu və yalnız bir məbudun olduğunu iddia etdiyi halda, özü iki Allaha ibadət edir. Bu ayə nazil olur və onlara çağırılan Allahın bir pak zata aid olduğu cavabı verilir[3]. Namazın qılınma forması: 110-cu ayənin son hissəsində Məkkə müşriklərinin Peyğəmbərin (s) namazına etirazlarına işarə edilmişdir. Onlar deyirdlər ki, Peyğəmbər (s) namazı ucadan qılıb bizi narahat edir. Bu nə ibadətdir, nə proqramdır? Ayədə Peyğəmbərə (s) belə bir göstəriş verilir: “Namazını nə çox uca səslə, nə də çox asta səslə qıl. Bunların arasında orta bir yol seç”. Görəsən orta hədd hansıdır? “Cəhr” və “ixfat” qadağası nəyi ifadə edir? “Cəhr” fəryad qoparmağa, “ixfat” isə insanın özünün eşitməyəcəyi dərəcədə astadan oxumağa deyilir. İmam Sadiq (ə) bu ayənin təfsiri ilə bağlı belə buyurmuşdur: “Cəhr” səsi həddən artıq ucaltmağa, “ixfat” isə insanın özünün eşitməyəcəyi dərəcəyə deyilir. Namaz bu ikisinin arasında olmalıdır.”[4] “Kəhf” surəsinin ümumi məzmunu: Digər Məkkə surələri kimi bu surədə daha çox xilqət, məad, müjdələmək, qorxutmaq məsələlərindən bəhs edilir. Surədə həmçinin “Əshabi-kəhfin” (mağara yoldaşlarının) əhvalatı, “Musa və Xızırın əhvalatı”, “Zülqərneynin əhvalatı” kimi ibrətamiz və maraqlı hadisələrə toxunulur[5]. Bu haqda nə onların, nə də atalarının heç bir məlumatı yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır! Onlar yalnız yalan danışırlar. Əgər bu kəlama inanmırlarsa, etdikləri əməllərə görə özünü qəm-qüssədən həlakmı edəcəksən? İnsanların hansının daha yaxşı əməl etdiyini sınaqdan keçirmək üçün yer üzündə olan hər şeyi ona (yerə) bəzək etdik. (Amma bu bərbəzəklər daimi deyil.) Biz yer üzünü bitkisiz torpaq edəcəyik. Sən mağara və Rəqim yoldaşlarının bizim qəribə möcüzələrimizdən olduğunumu güman edirsən? (Xatırla!) Bir zaman o gənclər mağaraya sığınıb: “Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və bizə xilas yolu göstər!”– demişdilər. Biz mağarada onların qulaqlarını (yuxu pərdəsi ilə) bağladıq, uzun illər yuxuya daldılar. Sonra o iki dəstədən hansının öz yuxu müddətini daha düzgün hesabladığını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə doğru-düzgün danışırıq. Onlar Rəblərinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar qalxıb: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa heç bir məbudu çağırmarıq. Əks halda, böyük danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik. “Bizim tayfamız özünə Allahdan başqa məbudlar seçib. Nə üçün (buna) aşkar bir dəlil gətirmirlər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?! ————————————————————————————– Əshabi-kəhfin əhvalatı: Surənin bu ayəsindən 26-cı ayəsinə qədər olan hissəsində ibrətamiz və çox maraqlı olan əshabi-kəhfin əhvalatından bəhs edilir. Hədislərə əsasən bu əhvalat Peyğəmbərdən (s) soruşmaları üçün yəhudilərin müşriklərə öyrətdiyi üç sualdan biri olmuşdur. Əgər Peyğəmbər (s) bilsəydi, deməli, düz danışdığı məlum olacaqdı. Onların müşriklərə öyrətdiyi digər iki məsələ Musa (ə) ilə Xızırın (ə) və Zülqərneynin əhvalatı idi. Bu surədə onların hər üçündən bəhs edilmişdir. Əshabi-kəhf və Rəqim yoldaşları eyni adamlardır. Onların Əshabi-kəhf (mağara yoldaşları) adlandırılmasının səbəbi aydındır. Rəqim adlandırılmalarının səbəbinə gəlincə, “Rəqim”in mənası yazılmış deməkdir. Mağara yoldaşları ona görə Rəqim yoldaşları adlandırılmışdılar ki, onların əhvalatı bir lövhəyə yazılıb mağaranın divarına vurulmuş, ya da şahların xəzinələrində mühafizə edilirdi[6]. Dini mənbələrdə mağara yoldaşları ilə bağlı çox sözlər deyilsə də, onların bəzisinin əsası yoxdur. Buna görə də onların arasında ziddiyyət və fərqliliklər olduğu diqqət çəkir. Əli ibn İbrahim Qumminin öz təfsirində qeyd etdiyi hədisin mətn və məzmun, Quran ayələri ilə uyğunluq təşkil etməsi baxımından digər hədislərlə müqayisədə daha düzgün olduğu nəzərə çarpır. İmam Sadiqə (ə) istinadən qeyd edilmiş həmin əhvalatın xülasəsi belədir: Onlar öz ölkələrinin əhalisini bütpərəstliyə məcbur edən, əmrdən boyun qaçıranları isə qətlə yetirən zülmkar və despot bir şahın zamanında yaşayırdılar. Bunlar böyük Allaha ibadət edir, lakin öz əqidələrini hökumətdən gizlədirdilər. Zalım şah paytaxt şəhərin darvazasında məmurlar saxlamışdı. Şəhərdən çıxmaq istəyən şəxs orada olan bütlərə səcdə etmək məcburiyyətində idi. Bu imanlı insanlar ov etmək bəhanəsi ilə şəhərdən çıxır və qərara gəlirlər ki, bir daha çirkaba bulaşmış şəhərlərinə qayıtmasınlar. Yolda bir çobanla qarşılaşır və onu da təkallahlılıq inancına dəvət edirlər. Çoban dəvəti qəbul edir. Çox maraqlıdır ki, çobanın iti dallarınca düşüb onlardan ayrılmır. Bütpərəstlikdən qaçmış bu gənclər günün sonunda bir mağaraya çatır və orada dincəlmək qərarına gəlirlər. Allah onları burada o qədər yatırdır ki, həmin zalım şah ölür, şəhər əhalisi bir neçə nəsil dəyişir, nəsillər bir-birini əvəz edir. Mağara yoldaşları uzun yuxudan ayılır və nə qədər yatmaları ilə bağlı bir-birindən soruşurlar. Günəşin yüksəldiyini görüb: “Bir gün, ya günün bir hissəsini yatmışıq” deyirlər. Sonra bir nəfəri şəhərə göndərib deyirlər: “Bu gümüş sikkəni götür və şəhərə get, bizə yeməyə bir şey al. Ancaq ehtiyatlı ol, səni tanımasınlar. Çünki bizdən xəbər tutsalar, ya bizi öldürəcəklər, ya da öz dinlərinə məcbur edəcəklər.” Həmin kişi şəhərə daxil olduqda şəhərin tamamilə dəyişdiyini, əhalinin onun tanımadığı tamamilə fərqli, hətta dillərini belə başa düşmədiyi bir əhali olduğunu görür. Bu kişi kimi, şəhər əhalisi də onun dilini başa düşmür, ondan kim olduğunu, haradan gəldiyini soruşurlar. Nəhayət, kişi sirrin üstünü açmalı olur. Həmin vaxt allahpərəst olan şah öz əyan-əşrafı və həmin kişi ilə birlikdə mağaraya doğru hərəkət edirlər. Onlar mağaraya çatıb içəri boylansalar da heç nə görmürlər. Allah həmin vaxt mağaraya bir qorxu pərdəsi çəkdiyindən həmin kişidən başqa heç kəs cürət edib mağaraya daxil ola bilmir. Dostları mağaraya daxil olduqdan sonra mağara yoldaşlarının qorxu içində olduğunu görür. Onlar bu gələnlərin bütpərəst və zalım şah Dəqyanusun adamları olduğunu güman etmişdilər. Kişi onlara uzun müddət yatdıqlarını və Allahın bunu insanlara bir möcüzə olaraq göstərdiyini xəbər verir. Dostlar sevinir, göz yaşları tökür və Allahdan onları elə bu vəziyyətlərində öldürmələrini istəyirlər. Dövrün şahı deyir: Bunlar imanlı şəxslər olduqları üçün burada məscid tikmək lazımdır[7]… (Onlara dedik:) Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və bunda sizin üçün rahatlıq yaratsın. (Əgər orada olsaydın,) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə sol tərəfə adladığını, onların da mağaranın geniş bir yerində yerləşdiklərini görərdin. Bu, Allahın nişanələrindəndir. Allah kimi doğru yola yönəldərsə, həqiqi doğru yola yönəlmiş odur. Kimi azdırarsa, ona doğru yolu göstərən bir rəhbər tapa bilməzsən. (Əgər onlara baxsaydın,) yatmış olduqları halda, oyaq olduqlarını düşünərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə qabaq pəncələrini mağaranın ağzında uzadıb (gözətçilik edirdi). Əgər onları görsəydin, onlardan qaçar­­dın və səni başdan-ayağa dəhşət bürüyərdi. Beləcə onları oyatdıq ki, bir-birindən soruşsunlar. Onlardan biri soruşdu: “Nə qədər yatdınız?” Dedilər: “Bir gün, yaxud günün bir hissəsi qədər”. (Nə qədər yatdıqlarını dəqiqləşdirə bilmədikləri üçün) dedilər: “Rəbbiniz nə qədər yatdığınızı daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə bir miqdar yemək gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! Çünki onlar sizi tapsalar, ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz əsla xilas üzü görməzsiniz!” ———————————————————————————– 17. Əshabi-kəhfin mağaradakı yeri: Allah-taala bu ayədə qısa açıqlama ilə mağaranın günəş şüasının səhər və ya günortadan sonra yalnız bir dəfə düşə biləcəyi şərq-qərb deyil, qütb istiqamətində olduğunu başa salır. Yəni mağaranın ağzı cənub qütbünə doğrudur, həm gün çıxanda, həm də batanda günəş şüası mağaranın içərisinə düşürdü. Habelə Əshabi-kəhf girişdən aralı və mağaranın geniş ərazisində olduqları üçün günəş şüaları onların üzərinə birbaşa düşmürdü. Allah bu vasitə ilə onları günəşin istisindən, rənglərini dəyişməkdən, paltarlarını çürüməkdən qorumuşdur. Yatdıqları yerin havası boğuq olmadığı üçün onlar rahat yatmışdılar. Mağaranın içində hava şərq və qərb istiqamətindən cərəyan etmiş və onlar bu hava dövranı içində rahat olmuşdular[8]. Açıq gözlə yatmaq: Ayədə Əshabi-kəhfin yatışının adi bir yatış olmadığı, mağarada olduqları uzun müddət ərzində gözlərinin ayıq insanlar kimi tamamilə açıq olduğu qeyd edilmişdir. Bu da ona görə idi ki, heyvanlar, qurd-quş ayıq olduqlarını güman edib onlara yaxın durmasın. Ya da ona görə idi ki, qorxulu görkəm alsınlar, hətta insanlar belə onlara yaxın durmağa cürət etməsinlər. Bunun özü bir qoruma vasitəsidir[9]. Əshabi-kəhf hansı məqsədlə uzun müddət yatızdırılmışdı? Bu ayədən belə başa düşülür ki, Allahın mağara yoldaşlarını uzun müddət yatızdırmaqda məqsədi “haqqın batil üzərində qələbə çaldığını” onlara göstərmək idi. Mağara yoldaşları elə bir cəmiyyətdə yaşayırdılar ki, küfr və batil hər tərəfi bürümüşdü, haqqın qələbə çalacağına az da olsa ümid yox idi, hətta yoldaşlar az qalırdı ki, şübhəyə düşsünlər. Buna görə də mağaraya sığındıqları zaman Allahdan onları rəhmət kölgəsinin altına almasını, hidayət edib tərəddüddən xilas etməsini istəyirlər. Allah-taala da dualarını qəbul edir, onları uzun illər yuxuya aparır, sonra yuxudan oyadır. Oyadır ki, bir-birindən nə qədər yatdıqlarını soruşsunlar. Biri bir gün, digəri günün bir hissəsini yatdıqlarını desin, sonra ətraflarına baxsınlar, dünyanın dəyişdiyini görsünlər və yavaş-yavaş on illərlə yuxuda oldqularını, bu onillərin başqasının gözündə onillər olduğu halda, onlara bir gün və ya yarım gün gəldiyini, elə buradan da dünya həyatının haqqı öldürəcək, batili həyatda saxlaya biləcək qədər uzun olmadığını, Allahın haqqi batil üzərində qalib etmək istəyində olduğunu, dünyanın zahiri güc və qüdrətinin, cah-cəlalının məhvə məhkum olduğunu başa düşsünlər[10]. Pak və halal qidanın əhəmiyyəti: Bu ayədə haqq yolunun bütün yolçularına təkcə mənəvi qida deyil, həm də cismani qidanın təmizliyini gözləmələri, istənilən qarışıqdan qorunmaları, hətta ən böhranlı vəziyyətlərdə belə bu prinsipi unutmamaları tövsiyə edilir. Bu gün dünya əhalisinin əksər hissəsi bu həqiqəti başa düşmüş və çalışır ki, yeməklərini hər növ zahiri bulaşıqdan qorusun. İnsanlar yeməkləri gigiyenik tələblərə cavab verən qablarda, mikrobdan, toz-torpaqlı və bulaşıq əllərdən uzaq tutmağa çalışırlar. Əlbəttə, bu, çox yaxşı bir işdir, lakin bu miqdarla kifayətlənmək olmaz. Qidalar haram, sələm, təcavüz və istənilən növ batini çirkabdan da qorunmalıdır. Hədislərdə halal ruzi qazanılmasına çox təkid edilmiş, onun dua və qəlb səfasına təsirindən çox danışılmışdır. Hədislərin birində qeyd edilir ki, bir nəfər Peyğəmbərin (s) yanına gəlib ondan soruşur: “İstəyirəm duam qəbul olsun.” Peyğəmbər (s) buyurur: “Yeməyini təmiz et, haram yeməyi qarnına daxil etmə!”[11] Beləcə, Allahın (Qiyamət günü ilə bağlı olan) vədinin doğru olduğunu və dünyanın sonu və Qiyamətin qopacağı ilə bağlı şübhə olmadığını bilsinlər deyə, insanları onların halından xəbərdar etdik. Öz işləri barəsində öz aralarında mübahisə etdikləri zaman bir dəstə dedi: “Onların üstündə bir bina tikin (ki, həmişəlik gözlərdən uzaq olsunlar). Rəbləri onların halından daha yaxşı xəbərdardır!” Onların sirlərindən agah olanlar (bunun Qiyamət üçün bir əlamət olduğunu bilənlər) isə dedilər: “Onların (məzarı) kənarında mütləq, bir məscid tikəcəyik!”. Bir dəstə: “Onlar üç nəfər idi, dördüncüləri köpəkləri idi!”– deyəcək. Başqa bir dəstə deyəcək: “Beş nəfər idilər, altıncıları köpəkləri idi!” Bütün bunlar əsassız sözlərdir. Bəziləri deyəcək: “Onlar yeddi nəfər idi, səkkizinciləri köpəkləri idi!” De: “Onların sayını Rəbbim daha yaxşı bilir.” Onların sayını yalnız az sayda adam bilir. Onlar barəsində yalnız dəlillər əsasında mübahisə et və heç kəsdən onların barəsində heç nə soruşma! Heç vaxt heç bir iş barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! Yalnız: “Əgər Allah istəsə!” (“inşallah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ümidvaram ki, Rəbbim məni bundan daha aydın olan bir yola yönəldər”– de. Onlar mağarada üç yüz il, üstəlik doqquz il (də) qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi Ona məxsusdur. Doğrusu, (O,) necə də görən və eşidəndir! Onların Ondan başqa heç bir vəli və himayədarı yoxdur. O, Öz hakimiyyətinə heç kəsi şərik etməz!” Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Onun sözlərini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən. —————————————————————————————- Məadın bir nişanəsi: Mağara yoldaşlarının on illər çəkən uzun yuxusu ilə ölüm, oyanması ilə Qiyamət arasında bir bənzərlik vardır. Hətta demək olar ki, bu yatmaq və oyanmaq bir sıra cəhətlərdən ölməkdən və yenidən həyata qayıtmaqdan da qəribə olmuşdur. Çünki onillər keçməsinə baxmayaraq, bədənləri çürüməmişdi, yemədən və içmədən salamat qalmışdılar. İstənilən ağıl sahibi üçün belə bir sual yaranır ki, onlar bu uzun müddət ərzində necə salamat qalmışdılar? Bu, Allahın hər şeyə qadir olduğunu göstərmirmi? Belə bir hadisə ölümdən sonrakı həyatın mümkünlüyündən xəbər verən bir əlamətdir[12]. Mağara yoldaşlarının məzarı kənarında məscid tikilməsi: Bəzi tarixçilər yazırlar ki, mağara yoldaşları hadisənin həqiqətindən, yəni on illərlə yatdıqlarından xəbər tutduqda çox təəccübləndilər. Bütün övladlarını, qardaşlarını və dostlarını itirdiklərini, həyatın onlar üçün yaşanmaz olduğunu hiss etdikdə Allahdan ölmələrini və Allahın rəhmətinə qovuşmalarını istədilər və Allah da onların duasını qəbul etdi. Onlar dünyaya göz yumdular və cəsədləri insanlar oraya gələnə qədər mağarada qaldı. Burada cismani qayıdışı qəbul edənlərlə ona qarşı olanlar arasında mübahisə düşdü. Müxaliflər mağara yoldaşlarının tezliklə unudulmasını və bu əsaslı arqumentin ona əsaslananların əlindən çıxmasına çalışdılar. Buna görə təklif etdilər ki, mağaranın qapısı bağlansın və mağara yoldaşları tamamilə unudulsun. Onlar insanları susdurmaq üçün deyirdilər: Bu barədə çox danışmayın, onların sirli həyatı olub, Allah onların vəziyyətindən daha yaxşı xəbərdardır. Onların əhvalatını unudun, onlarla işiniz olmasın. Bu hadisənin mahiyyətinə varan və onun Qiyaməti sübut etmək üçün canlı bir arqument olduğunu başa düşən həqiqi möminlər isə bu hadisənin unudulmamasına çalışdılar . Buna görə də dedilər: “Biz onların məzarının kənarında məscid və ibadətgah tikməliyik ki, insanlar onları unutmasın, pak ruhlarını Allaha vasitəçi qərar verib mədəd umsunlar”[13]. “İnşallah” (əgər Allah istəsə) deməyin əhəmiyyəti: Gələcəkdə görülməsi planlaşdırılan və bu barədə qərara gəlindiyi vaxt “inşallah” demək lazımdır. Çünki biz müstəqil qərar qəbul etmək səlahiyyətində deyilik. Əgər Allah istəməsə, heç kəs heç nə edə bilməz. Buna görə də öz güc və qüdrətimizin Allahın istək və qüdrətindən asılı olduğunu təsdiq etməyimiz üçün danışığımıza “inşallah” ifadəsini artırmağımız daha yaxşıdır. Digər tərəfdən, hər hansı hadisə haqqında qətiyyətlə xəbər vermək gücü və qüdrəti məhdud olan, yerinə yetirəcəyi işlərin həyata keçməsinə mane olan amillərin meydana çıxacağını ehtimal edən bir insanın gələcəkdə görəcəyi işlər haqqında danışarkən “inşallah” deməməsi düzgün və məntiqli deyil. Bəzi hədislərdən belə məlum olur ki, kimsə gələcəklə bağlı danışarkən “inşallah” deməsə, Allah onu başlı-başına buraxar və Öz himayəsi altına almaz. Bir hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) bir məktub yazılması üçün göstəriş verir. Məktub sona yetdikdən sonra onu gözdən keçirərkən orada “inşallah” ifadəsinin olmadığını gördükdə belə buyurur: “İnşallah” ifadəsi olmadığı halda, siz bu məktubun sona çatacağına nə qədər əmin idiniz? Baxın, harada bu ifadə yoxdursa, onu həmin yerə əlavə edin!”[14] Bu ayənin izahı ilə bağlı Əhli-beytə (ə) istinad edilən bir sıra hədislərdə qeyd edilir ki, əgər gördüyünüz hər hansı işin üstündən bir il keçsə və həmin işdən əvvəl “inşallah” sözünü demədiyinizi xatırlasanız, səhvinzi düzəldib “inşallah” sözünü deyin[15]. Səhər və axşam öz Rəblərini çağıran, yalnız Onun razılığını istəyənlərlə birlikdə ol. Dünyanın bərbəzəyinə xatir gözlərini onlardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işlərində ifrata varanlara itaət etmə! De: “Bu, Rəbbiniz tərəfindən haqdır. Kim istəyir inansın, kim də istəyir inkar etsin”. Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun pərdələri onları əhatə etmişdir. Onlar su istədikdə onlara üzləri bişirən əridilmiş metala bənzər bir su gətiriləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Ağacları və qəsrləri altından çaylar axan əbədi Cənnət bağları məhz onlar üçündür. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, qalın və nazik ipəkdən yaşıl paltarlar geyəcək və orada taxtların üzərində dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! Onlara iki kişini misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında bərəkətli əkin saldıq. Hər iki bağ bol məhsul verdi və bu məhsuldan heç bir şey əskilmədi. Onların arasından bir çay axıdırdıq. Bu bağ sahibinin çoxlu gəliri var idi. Buna görə də öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvət sarıdan səndən daha üstün və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. ———————————————————————————– Quranın kasıb möminlərə diqqət ayırması: Təfsirçilər bu ayənin nazilolma səbəbi haqqında belə qeyd etmişlər: Peyğəmbərin (s) yanına gəlmiş bir qrup özlərindən razı və lovğa varlı zadəgan məclisin yuxarı başında əyləşmiş Salman, Əbuzər, Süheyb, Xəbbab kimi səhabələrə işarə edərək deyir: Əgər sən məclisin yuxarı başında əyləşsən, bədənlərinin qoxusu insanı narahat edən, əyinlərində cod və yun paltarları olan bu cür insanları özündən uzaqlaşdırsan, biz sənin yanına gələr, məclisində əyləşər, sözlərindən faydalanarıq. Ancaq nə edək ki, bu cür insanların olduğu yerdə ola bilmərik. Bu zaman sözügedən ayə nazil olur və Peyğəmbərə (s) aldadıcı və boş sözləri qəbul etməmək, bütün həyatı boyu yoxsul olmalarına və yun paltarlar geyinmələrinə baxmayaraq, Salman və Əbuzər kimi imanlı, təmizürəkli insanlarla birlikdə olmaq göstərişi verilir. Ayə nazil olduqdan sonra Peyğəmbər (s) varlıların tikanlı sözlərindən inciyərək məclisi tərk etmiş kasıb möminləri axtarır. Onlar məscidin bir küncünə çəkilib Allahı zikr edirdilər. Peyğəmbər (s) onları tapdıqdan sonra buyurur: Allaha şükür olsun ki, sizin kimi insanlarla birlikdə olmaq göstərişi verincəyə qədər ölmədim[16]. 32 və 46. Dünyanın həqiqətini izah etmək üçün iki gözəl misal: Allah-taala bu surənn 7-ci ayəsində yer üzü üçün bəzək yaratdığı bütün mövcudatın insanların sınaq və imtahan vasitəsi olduğunu, kimin əməlinin daha yaxşı olduğuna aydınlıq gətirən bir meyar olduğunu, bir müddətdən sonra bu bərbəzəyin məhv olacağını, heç bir əsər-əlamətlərinin qalmayacağını buyurmuşdur. Bu ayələr 7-ci ayədəki məsələni izah edir. Belə ki, Allah iki gözəl məsəl çəkməklə (iki kişinin məsəli və 45-c ayədə qeyd olunacaq məsəl) insanın dünya həyatında sahib olduğu sərvət və övladların həqiqətini izah edir, tezliklə məhv olub gedəcək aldadıcı və tezliklə sıradan çıxacaq bərbəzəyin insana Allahı necə unutdurduğunu, onu özünə məşğul etdiyini, qəlbini öz quluna çevirdiyini buyurur. Dünyanın bərbəzəyi insanı elə aldadır ki, o, bütün bunların həqiqi sahibi olduğu güman edir. Ancaq qəfildən Allah tərəfindən bir bəla gəlir, həmin əzəmətli həyat məhv olur, qəflət yuxusundan ayıldıqdan sonra insan üçün xatirədən başqa bir şey qalmır[17]. Varlıların özlərini üstün tutmaları: Bu ayədə nəzər nöqtəsi olan şəxsin yanlış düşüncəsinə və çirkin inancına işarə edilmişdir. O da çox dünyapərəstlər kimi, özünü öz sərvətinin və var-dövlətinin həqiqi sahib sanır, bütün əmlakının Allah tərəfindən olduğunu və ona sınaq üçün verildiyini unudur. Zahiri səbəbləri və vasitələri görsə də səbəblərin həqiqi sahibini unudur. Bu düşüncə ilə dostuna: “Mən səndən varlı və imkanlıyam” – deyir. Bu, eynilə Qarunun təfəkkürüdür. Qarun ona nəsihət verməyə çalışan, sərvətin çoxluğuna sevinməməyi məsləhət görən, ondan başqasına ehsan verməyi tövsiyə edən insana: “Bu sərvəti malik olduğum bilik sayəsində əldə etmişəm”, – demişdi[18]. O, özünə qarşı zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. Qiyamətin qopacağına da inanmıram. Əgər Rəbbimin dərgahına qaytarılmalı olsam, bundan da yaxşı bir yer nəsibim olacaq!” Onunla söhbət edən (mömin) yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni tam bir kişi qiyafəsinə salmış Allahı inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Nə üçün bağına girdiyin zaman: “Bu, Allahın istədiyi bir nemətdir! Güc və qüvvət yalnız Allaha məxsusdur!”– demədin? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, sənin bağına isə göydən böyük bir bəla göndərsin və o, bitkisiz hamar bir yerə dönsün. Yaxud onun suyu yerin dərinliklərinə sovrulub getsin və bir də onu əldə edə bilməyəsən!” (Hər halda, Allahın əzabı yetişdi) onun bütün meyvələri məhv oldu. Bütün bağ talvarların üzərinə tökülmüşdü. O, buraya çəkdiyi xərcə görə dayanmadan əllərini bir-birinə sürtüb deyirdi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allah qarşısında ona yardım edəcək insanlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Orada sübuta yetmişdi ki, rəhbərlik (güc) yalnız haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. Onlara dünya həyatını misal çək. Bu (dünya həyatı) göydən göndərdiyimiz suya bənzəyir. Yerdəki bitkilər onun vasitəsilə (yetişər və) bir-birinə sarmaşar, bir müddətdən sonra isə küləyin sovurub apardığı quru çör-çöpə dönər. Allah hər şeyə qadirdir. ————————————————————————————- “Allahın istədiyi olur; güc yalnız Allaha məxsusdur”: Bunlar mömin şəxsin kafir olmuş varlı həmsöhbətinə dediyi son sözlərdir. Öncəki ayələrdə qeyd olunanlara əsasən, bu kafir kişi öz sərvətinə elə aldanır ki, özünün və sərvətinin əbədi, Allahdan ehtiyacsız olduğunu güman edir. Mömin həmsöhbəti onun küfr dolu fikirlərinə cavab verərkən iki cümlə işlədir: “Allahın istədiyi olur” və “güc yalnız Allaha məxsusdur”. Bu iki cümlə ilə başa salır ki, heç nə və heç kəs Allahdan ehtiyacsız deyil, yer üzündə nə qədər güc və güclü varsa, O sonsuz zatdan asılıdır[19]. Bu iki qısa cümlə insan həyatı və onun dünyaya baxışında böyük dəyişiklik yarada bilər. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Biz Allahın varlığı ilə heç nəyə malik deyilik və O bizi malik etmədən heç nəyə sahib ola bilmərik. Deməli, O, bizə bəxş etdiyinə bizdən daha layiqdir. Üzərimizə bir vəzifə qoymuşdur. Verdiyini bizdən aldıqda üzərimizdə olan vəzifəni də götürmüş olur.”[20] Kainatın həqiqi rəhbəri: “Vilayət” deyilərkən bu ayədə idarəedici rəhbər nəzərdə tutulur. Ayənin geniş mənası belədir: Fəlakət və müsibətlər hər tərəfdən hücuma keçdiyi, zahiri səbəblər öz güclərini itirdyi zaman özünü heç nədən asılı hesab etməyən, Allaha ehtiyacı olmadığını və müstəqil bir varlıq olduğunu düşünən insanın acizliyi və gücsüzlüyü, insanın bütün işlərinin, ümumiyyətlə dünyadakı bütün mövcudatın rəhbəri və idarəedicisinin Allah olduğu aydın olur. Çünki həqiqi sahib odur. Bu dünyada təsir və nüfuz sahibi olduğu təsəvvür edilən hər bir şey O ehtiyacsız varlıqdan asılıdır, Onun rəhbərliyi, təsiri, himayəsi altındadır[21]. Sərvət məğrurluğu: Bu məsəldə sərvət məğrurluğunun canlı təsvirinin şahidi olur, sonu şirk və küfürlə nəticələnən məğrurluqla tanış oluruq. Tutumları az olan insanlar hər hansı məqama yetişdikdə, sərvət və mövqe baxımından digərlərindən azacıq üstün olduqlarını gördükdə məğrurluq, lovğalıq və təkəbbür bəlasına düçar olurlar. Hər şeydən öncə öz imkanlarını başqasına göstərməyə, bunu bir üstünlük kimi təqdim etməyə çalışırlar. Quranda bu xüsusiyyət belə ifadə edilmişdir: “Mən mal və adamlarımın çoxluğuna görə səndən üstünəm”. Bu adamların dünyaya olan sevgisi onlarda əbədi olacaqları təsəvvürü formalaşdırır və nəhayət, uca səslə deyirlər: “Bu bağın nə vaxtsa məhv ola biləcəyini güman etmirəm!” Maddi dünyanın əbədi olacağına inanmaq Qiyamət inancı ilə təzad təşkil edir. Bu cür şəxslər məadı inkar edərək deyirlər: “Qiyamət qopacağına inanmırıq.” Xudbinlikləri və lovğalıqları onların özlərinin Allaha və Allah dərgahına yaxın olduqlarını söyləmələrinə, özləri üçün qeyri-adi mövqelər təsəvvür etmələrinə, “əgər Allah tərəfinə qaytarılsaq, axirət dünyası olsa, bundan da yaxşı yerə sahib olacağıq” demələrinə səbəb olur. Qeyd olunan dörd mərhələ dünyapərəst insanların həyatlarında müşahidə edilən xüsusiyyətləri əks etdirir. Əslində onların haqq yoldan azması dünyapərəstlikdən başlayıb şirk, küfr, məadın inkarı ilə sona çatır. Çünki onlar maddi gücə büt kimi ibadət edərək, ondan qeyrisini yaddan çıxarırlar[22]. Dünya həyatının həqiqətinə dair gözəl bir misal: Allah-taala bu ayədə insanlara belə buyurur: Həyatınızın başlanğıcından sonuna qədər olan bütün illəri gözləriniz önündə təkrarlanır. Bahar fəslində çəmənliyə gedin, hər qarışından həyat nəfəsi gələn, ürək oxşayan gözəlliklərə tamaşa edin. Payız fəslində də həmin yamyaşıl düzə gedin, hər tərəfdən ölüm əlamətlərinin necə diqqət çəkdiyinə baxın. Bəli, siz özünüz də uşaq vaxtı yeni açmış bir qönçə kimi idiniz, sonra tərafətli bir gül kimi gənc oldunuz, daha sonra solub qurumuş, yarpaqları saralıb tökülmüş güllər kimi qocalıb zəiflədiniz, nəhayət, əcəl küləyi sizi biçdi, bir neçə gündən sonra çürümüş torpağınız küləklərlə sovrulub hər tərəfə yayıldı[23]. Var-dövlət və övladlar dünya həyatının bəzəyidir. Əbədi qalan yaxşı əməllərin isə Rəbbinin dərgahındakı savabı daha yaxşı və ümidvericidir. (Xatırla!) Bir gün Biz dağları hərəkətə gətirəcəyik. Yerin dümdüz olduğunu görəcəksən. Hamını qaldıracaq və onlardan heç birini diqqətdən kənarda qoymayacağıq. Onlar Rəbbinin hüzurunda sıra ilə duracaqlar. (Onlara deyiləcək:) “Hamınız hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik”. Kitab (bütün insanların əməllərinin yazıldığı kitab) oraya qoyulacaq və sən günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! Onda heç bir kiçik, heç bir böyük əməl ötürülmədən hesablanaraq yazılmışdır!” Etdikləri bütün əməlləri qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! Bizim mələklərə: “Adəm üçün səcdə edin!” – dediyimiz zamanı xatırlayın. Cinlərdən olan İblisdən başqa hamısı səcdə etdi. O, Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə rəhbərmi seçirsiniz? Zalımlar üçün bu, necə də pis mübadilədir! Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən (başqalarını) yoldan çıxaranları Özümə köməkçi tutmuram. (Xatırlayın!) Bir gün (Allah): “Mənə qoşduğunuz şərikləri çağırın!”– deyəcək. Ancaq onları nə qədər çağıracaqlarsa, cavab verməyəcəklər. Biz bu iki dəstə arasında həlakedici bir yarğan yaratdıq. Günahkarlar odu görən kimi, onunla qarışacaqlarına əmin olacaqlar. Oradan qaçmağa heç cür yol tapa bilməyəcəklər. ————————————————————————————- Əbədi qalan yaxşı əməllər: “Əbədi qalan yaxşı əməllər” deyilərkən bəyənilən və layilqi işlər nəzərdə tutulur. Qurana görə, insanın əməlləri Allah dərgahında qorunub saxlanır. Əgər o əməllər yaxşı olsa, əbədi qalan yaxşı əməllər silsiləsinə aid olacaq. Məsumlara aid olan bir hədisdə deyilir: Əbədi qalan yaxşı əməllər deyilərkən namaz nəzərdə tutulur. Hədislərin birində Əhli-beyt (ə) sevgisi bu əməllərin bir nümunəsi kimi təqdim edilmişdir. Məlumdur ki, hədislərin hər birində bu əməllərin yalnız adıçəkilən əməllə məhdudlaşdırıldığına deyil, onların bir nümunəsinə işarə edilmişdir[24]. Qiyamət ərəfəsində dünyanın viran qalması və dəyişməsi: Bu və sonrakı iki ayədə Qiyamət ərəfəsində baş verəcək hadisələrə işarə edilmişdir. Bu hadisələr çoxdur. “Qiyamət əlamətləri” adlanan bu hadisələrdən Quranın son hissəsindəki kiçik surələrdə daha çox bəhs edilir. Bu əlamətlərin məcmusu göstərir ki, yaşadığımız bu dünya tamamilə dağılacaq və dəyişəcək, dağlar parçalanacaq, ağaclar və binalar yerə batacaq, yer tamamilə düz olacaq, zəlzələlər onu darmadağın edəcək, günəş, ay və ulduzların işığı yoxa çıxacaq, ondan sonra xarabalıqlar üzərində yeni dünya, yeni yer və göy meydana gələcək, insanların yeni həyatı həmin yeni dünya üzərində qurulacaq[25]. Qiyamətdəki üç kitab: Quran ayələrinin məcmusundan belə qənaətə gəlmək olar ki, Qiyamətdə insanların üç cür kitabı (əməl dəftəri) olacaq. Birincisi, xilqətin əvvəlindən sona qədər bütün insanların əməllərinin qeyd olunduğu vahid bir kitab. “Kitab qoyulacaq” cümləsi bütün insanların hesab-kitabının qeyd edildiyi vahid bir kitabın olacağından xəbər verir. İkinci kitab ayrı-ayrı ümmətlərin əməllərinin qeyd edildyi kitabdır. “Casiyə” surəsinin 28-ci ayəsində hər bir ümmətin öz kitabına doğru çağırılacağı buyurulmuşdur. Üçüncü kitab ayrı-ayrılıqda hər bir insan üçün olan kitabdır. “İsra” surəsinin 13-cü ayəsində belə buyurulmuşdur: “Hər bir insanın əməllərini öz boynundan asdıq. Qiyamət günü onun üçün qarşısında açıq şəkildə görəcəyi bir kitab çıxararıq.”[26] Əlbəttə, nəzər nöqtəsi olan ayələr insanın əməllərinin bu kitablarda qeyd edildiyini göstərməklə yanaşı, onların əməllərinin təcəssüm edəcəyindən və görünəcəyindən xəbər verir. Bu dünyada dağınıq enerjilər formasında məhv olmuş əməllər, əslində, məhv olmamışdır. Müasir elm də heç bir enerji və maddənin yox olmadığını, davamlı olaraq bir haldan başqa bir hala keçdiyini sübuta yetirir. Həmin gün bu itmiş enerjilər maddəyə çevriləcək və uyğun şəkillərdə təzahür edəcəkdir. Gözəl əməllər gözəl şəkillərdə, pis əməllər isə çirkin və utancverici şəkildə təzahür edib bizimlə birlikdə olacaq[27]. Mələklər sırasında olan cin: Bu ayədən İblisin mələklərdən deyil, cinlərdən olduğu məlum olur. Ümumiyyətlə, Quran ayələri və məsumların (ə) hədislərinə əsasən məlum olur ki, etdiyi çoxlu ibadətlər sayəsində İblis Allaha yaxın olan mələklər sırasına qədər yüksəlmişdi. Ancaq Allahın əmri qarısında təkəbbür və dikbaşlıq etdiyinə, Adəmə (ə) səcdə etməkdən boyun qaçırdığına görə uca məqamdan qovulmuş, Allahın qəzəbinə tuş gəlmişdir[28]. Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə daha çox mübahisə edəndir. İnsanlara doğru yolu göstərən rəhbər gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə mane olan şey yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri oldu. Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndəririk. Kafirlər isə haqqı batil vasitəsilə yalana çıxarmaq üçün mübahisə edirlər. Bizim ayələrimizi və vəd verilmiş əzabları istehza edirlər. Rəbbinin ayələri xatırladılarkən onlardan üz döndərən, əvvəllər öz əlləri ilə etdiklərini unudan adam­­dan daha zalım kim ola bilər? Anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarını da kar etdik. Buna görə də sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəl­­məzlər. Rəbbin bağışlayandır, mərhəmət sahibidir. Əgər onları etdikləri əməllərə görə cəzalandırsaydı, əzabı onlara daha tez göndərərdi. Lakin onlar üçün heç vaxt qaça bilməyəcəkləri bir vaxt vardır. Bunlar zülm və haqsızlıq etdikləri zaman məhv etdiyimiz şəhər və kəndlərdir. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik. Bir zaman Musa öz dostuna belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər, səfərim uzun sürsə də, axtarışdan əl çəkməyəcəyəm”. O dənizlərin qovuşduğu yerə gəlib çatdıqda (yemək üçün özləri ilə götürdükləri) balıqlarını unutdular. Balıq isə dənizdə yol alıb getdi. —————————————————————————————- Allahın əzabını gözləyən inadkar kafirlər: Bu ayədə inadkar, məğrur kafirlərin iki hal istisna olmaqla, heç bir halda iman gətirməyəcəklərinə işarə edilmişdir: Birincisi, əvvəlki qövmlərə gəlmiş şiddətli əzab onları da ağuşuna almayınca; ikincisi, ilahi əzabı öz gözləri ilə görməyincə. Əlbəttə, bu məcburi inamın heç bir əhəmiyyəti yoxdur. Nəzərə almaq lazımdır ki, bu insanlar heç zaman belə bir son gözləmirlər. Ancaq belə bir tale onlar üçün qaçılmaz olduğuna görə Quran onu intizar və gözləmə adlandırmışdır. Əslində, sözügedən ifadə bir növ kinayə səciyyəsi daşıyır. Bu, eynilə bizim haqq yoldan sapmış bir nəfərə “sən yalnız cəzalandırılmaq istəyirsən” deməyimizə bənzəyir. Yəni cəza sənin qaçılmaz taleyindir və sən sanki onu gözləyirsən[29]. Nə üçün Musa (ə) Xızırın (ə) arxasınca getdi? Bu ayə Musa (ə) və onunla iki dənizin qovuşduğu yerdə görüşən alimin əhvalatı ilə başlayır. Hədislərdə adı Xızır kimi qeyd edilən bu alim hadisələrin sirlərindən xəbərdar olan bir şəxsdir. Allah-taala bu əhvalatla İslam peyğəmbərinə (s) sanki insanların üz çevirdiklərinə və dünyapərəstlik etdiklərinə görə kədərlənməməyi, öz çağırışında qətiyyətli və dözümlü olmağı nəsihət edir. Çünki görünən hər bir şeyin bir batini var, kafirlərin qüdrət və sərvətlərinin fövqündə Allah dayanır. Necə ki, Xızırın (ə) gördüyü işlərin bir batini var idi və bu batin sonradan aşkara çıxdı. Burada adı çəkilən Musa (ə) ülül-əzm peyğəmbərlərin üçüncüsü olan İmran oğlu Musadır. Hədislərə görə 60-cı ayədə “onun dostu” deyə işarə edilən şəxsin Musanın (ə) canişini Yuşə ibn Nun olduğu yazılmışdır. İmam Baqirin (ə) hədislərinin birində belə qeyd edilmişdir: “Musa (ə) İsrail oğullarından olan bir qrupun əhatəsində oturduğu vaxt bir kişi ona dedi: “Mən Allah haqqında səndən daha məlumatlı olan bir adam tanımıram”. Musa (ə) dedi: “Mən də tanımıram”. Bu vaxt Allah vəhy göndərərək buyurdu: “Niyə? Bəndəm Xızır səndən daha çox məlumatlıdır.” Musa (ə) Allahdan Xızırla görüşməyin necə mümkün olacağını soruşdu. Musanın (ə) balığının itəcəyi yer Xızırın olduğu məkanın əlaməti oldu. Allahın Quranda buyurduğu hadisə bundan sonra baş verdi.”[30] İki dənizin qovuşduğu yer: Burada hansı iki dənizdən söhbət getməsi ilə bağlı təfsirçilər arasında fikir ayrılığı mövcuddur. Ancaq daha böyük ehtimalla bura Əqəbə körfəzi ilə Süveyş kanalının kəsişdiyi yerdir. Bildiyimiz kimi, Qırmızı dəniz şimalda iki istiqamətdən quru sahəsinə girmişdir, bunun biri şimal-şərq istiqamətində, digəri isə şimal-qərb istiqamətində. Birincisi Əqəbə körfəzini, ikincisi isə Süveyş kanalını təşkil etmişdir. Bu körfəzlə kanal cənubda birlikdə Qırmızı dənizə birləşirlər[31]. Balıq dənizdə necə hərəkət etdi? Əllamə Təbatəbai bu ayə haqqında belə qeyd etmişdir: Bu ayələrdə balığın öldükdən sonra dirilməsi açıq şəkildə qeyd edilməmişdir. Cümlələrin məzmunundan belə qənaətə gəlmək olar ki, balıq dənizin kənarında bir qayaya qoyulmuş, yuxarıya doğru çırpınan dalğa ilə birlikdə dənizə düşərək dərinə getmişdir. 60-cı ayənin təfsirini ehtiva edən bəzi hədislər də bu fikri təsdiq edir. Çünki həmin hədislərdə balığın dirilməsi deyil, məhz itməsi qeyd edilmişdir[32]. Onlar oradan getdikdən sonra (Musa) öz səfər yoldaşına: “Yeməyimizi gətir. Biz bu səfərimizdə lap əldən düşdük”– dedi. Dedi: “(İstirahət etmək üçün) qayanın kənarına sığındığımız vaxt yadına gəlirmi? Mən balığın əhvalatını danışmağı unutdum. Doğrusu, onu mənə yalnız Şeytan unutdurdu. Balıq qəribə bir şəkildə dənizə düşüb getdi”. (Musa:) “Elə istədiyimiz də bu idi!”– dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. (Orada) Öz dərgahımızdan mərhəmət bəxş etdiyimiz və Öz tərəfimizdən elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər. Musa ona dedi: “Sənə öyrədiləni, inkişaf və islaha səbəb olanı mənə öyrətmən üçün sənin arxanca gələ bilərəmmi?” Dedi: “Sən mənim yanımda əsla səbirli ola bilməzsən. Axı sən sirlərindən xəbərdar olmadığın bir şeyə necə dözə bilərsən?” (Musa) dedi: “Allahın istəyi ilə səbirli olduğumu görəcəksən. Heç bir işdə əmrindən çıxmayacağam”. (Xızır) dedi: “Əgər ardımca gəlmək istəyirsənsə, özüm sənə deməyincə heç bir şey haqqında soruşma”. Hər ikisi yola düzəldi. Nəhayət, gəmiyə mindilər. (Xızır) gəmini deşdi. (Musa) dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, çox pis bir iş tutdun”. Dedi: “Mən demədimmi sən mənim yanımda əsla səbirli ola bilməzsən?” (Musa) dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”. Yenə öz yollarına davam etdilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda (Xızır) onu öldürdü. (Musa) dedi: “Heç kəsi öldürməyən günahsız bir insanımı öldürdün? Doğrusu, çox pis bir iş tutdun”. —————————————————————————————— Şeytan Allah peyğəmbərinə nəyisə unutdura bilərmi? Bu ayəni oxuyarkən belə bir sual yarana bilər: Şeytan Yuşə ibn Nun kimi bir peyğəmbərin fikir və düşüncəsini təsir altına ala bilərmi? Halbuki peyğəmbərlərin Şeytandan qorunduqlarını bilirik. Qeyd etməliyik ki, peyğəmbərlərin Şeytandan qorunması deyilərkən Şeytanın peyğəmbərləri günaha çəkə bilməməsi nəzərdə tutulur. Ancaq Şeytanın peyğəmbərlər üçün çətinliklər yaratmadığına dair heç bir arqumentimiz yoxdur. Belə ki, Şeytan nəyisə onlara unutdura bilər. Quranın bəzi ayələri də bunu təsdiq edir. “Sad” surəsinin 41-ci ayəsini buna misal göstərə bilərik: “Bəndəmiz Əyyubu xatırla! Rəbbini çağıraraq (dedi: “Ey Rəbbim,) Şeytan məni çətinliyə və zəhmətə salıb.”[33] Musa (ə) ilə Xızırın (ə) görüşü: Musanın görüşdüyü və bu ayədə çox gözəl xüsusiyyətlərlə səciyyələndirilən alimin adı Quranda qeyd edilməmişdir. Ancaq hədislərdə həmin alimin adının Xızır (ə) və həzrət Musanın (ə) müasirlərindən olan peyğəmbərlərdən olduğu qeyd edilmişdir. Bəzi hədislərdə Allahın ona uzun ömür verdiyi, hələ də yaşadığı və dünyadan köçmədiyi haqqında xəbər verilmişdir[34]. Xızırın (ə) ilahi elmi qəbul etməsi: Təfsirçilər “Öz dərgahımızdan mərhəmət” ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri onu peyğəmbərlik, bəziləri uzun ömürlülük kimi izah etmişlər. Başqa bir ehtimala görə isə burada ilahi elmi qəbul edə bilməsi üçün Allahın ona bəxş etdiyi böyük istedad, geniş ruh, köks genişliyi nəzərdə tutulmuşdur. “Dərgahımızdan” ifadəsi onu göstərir ki, həzrət Xızırın (ə) elmi adi bir elm olmamışdır, bu elm dünyanın və hadisələrin yalnız Allaha məlum olan sirlərinin bir hissəsi olmuşdur. Qeyri-müəyyənlikdə işlədilmiş və belə məqamlarda daha çox böyüklüyü ifadə edən “elm” sözü Xızırın ilahi elmdən daha çox bəhrələndiyindən xəbər verir[35]. Musa və Xızırın ayrı-ayrı sahələrdəki nfərqli vəzifələri: Nəzərə almalıyıq ki, həzrət Xızır (ə) hadisələrin sirli və görünməz tərəflərin ehtiva edən elm qapıları ilə əhatə olunmuşdu. Halbuki həzrət Musa (ə) hadisələrin görünməyən tərəflərini bilmək və onlardan xəbərdar olmaq üçün vəzifələndirilməmişdir. Hadisələrin görünən tərəfləri əksər hallarda görünməyən tərəflərdən fərqlənir. Belə ki, hər hansı davranış zahirən şüursuzcasına edilmiş bir hərəkət kimi görünsə də, görünməz tərəfində müqəddəs, məntiqli və hesablanmış bir hərəkət ola bilər. Belə olan halda hadisənin görünən tərəfinə baxan şəxs səbir və ixtiyarı əldən verib etiraza qalxmalı olur. Ancaq görünməyən tərəflərdən xəbərdar olan şəxs soyuqqanlılıqla öz işinə davam edir, hövsələsizlik edənin etiraz və fəryadına baxmır, həqiqəti açıb söyləmək üçün münasib bir vaxt gözləyir. Şagird isə mütəmadi olaraq dözümsüzlük göstərir, lakin sirlərdən xəbərdar olduqda tamamilə rahatlanır. Burada ortaya belə bir sual çıxır: Ülül-əzm və şəriət sahibi olan bir peyğəmbərin öz müasirlərinin hamısından çox bilməsi zəruri deyilmi? Cavab veririk ki, peyğəmbər ona əmr olunan vəzifənin sərhədləri, yəni subyektiv hadisələr sistemi çərçivəsində hər kəsdən elmli olmalıdır. Musa (ə) subyektiv, insanların ixtiyarına verilmiş sistem çərçivəsində dövrünün ən elmli və bilikli şəxsidir. Musanın (ə) dostunun aid olduğu aləmə gəlincə, onun subyektiv, zahirdə aləmlə heç bir əlaqəsi yoxdur. Başqa sözlə desək, Xızır (ə) peyğəmbərlik missiyasının şərtlənmədiyi sirlərdən xəbərdar idi. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Musa (şəriət, qanun elmində) Xızırdan elmli olmuşdur.” İmam Rzaya (ə) aid edilən bir hədisdə də bu iki böyük şəxsiyyətin vəzifələndirildiyi çərçivənin fərqli olduğu, hər birinin aid olduğu öz aləmində digərindən daha bilikli olması nəql edilmişdir[36]. (Yenə də o alim kişi) dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” (Musa) dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənimlə yoldaşlıq etmə. Artıq mənim tərəfimdən üzürlü hesab ediləcəksən.” Yenə yollarına davam etdilər. Nəhayət, bir kənd camaatına çatdılar. Onlardan yeməyə bir şey istədilər. Camaat onları qonaq etmək istəmədi. Orada dağılmaqda olan bir divar gördülər. (O alim kişi) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, bunun müqabilində zəhməthaqqı alardın”. (Xızır) dedi: “Budur, artıq mənimlə sənin ayrılmağının zamanı çatdı. Səbir edə bilmədiyin şeylərin yozumunu tezliklə sənə xəbər verəcəyəm. Gəmi dənizdə çalışan kasıb adamlara məxsus idi. Mən o gəmini ona görə korlamaq istədim ki, onları hər bir sağlam gəmini zorla alan zalım bir şah gözləyirdi. Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idi. Onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. Buna görə istədik ki, onların Rəbbi onun əvəzində o ikisinə ondan daha təmiz və daha sevimli bir övlad versin. Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdu. Rəbbin onların həddi-buluğa çatmalarını və öz xəzinələrini çıxartmalarını istədi. Bu, Rəbbinin bir mərhəməti idi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbir edə bilmədiyin işlərin yozumu budur!” Səndən Zülqərneyn barəsində soruşarlar. De: “Onun əhvalatının bir hissəsini tezliklə sizə danışacağam”. —————————————————————————————— Musanın (ə) Xızıra (ə) qarşı insaflı davranması: Bu ayə Musanın (ə) son dərəcə insanflı və uzaqgörən olduğundan xəbər verir. Çünki üçüncü sınaqdan sonra onunla Xızırın missiyasının tamamilə fərqli olduğunu başa düşüb haqq qarşısında təslim olur. Ustaddan ayrılmaq ona çətin və dözülməz olsa da, bu reallıq qarşısında inadkarlıq etmir, insaf göstərib həmin alim kişiyə haqq verir. Halbuki bu qısa sürən dostluqdan böyük həqiqət xəzinələri əldə etmişdi. İnsan bütün ömrünü özünü sınamağa həsr etməməlidir, nəticə almaq üçün bir neçə sinaq yetərlidir[37]. İnsanın düzlüyünün övladın taleyinə təsiri: Bu ayədən belə məlum olur ki, insanın düzlüyü bəzən varislərinə yaxşı təsir göstərir, onların səadət və xoşbəxtliyinə səbəb olur. “Nisa” surəsinin 9-cu ayəsindən də göründüyü kimi, ata və ananın əməlisaleh olması övladın taleyinə təsir göstərir: “Özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər (yetimlərdən ötrü də) qorxsunlar.” İmam Sadiq (ə) buyurmuşdur: “Allah mömin kişinin ləyaqətinə xatir onun övlad və nəvəsini də islah edir, ailəsini və ətrafını qoruyur. Onlar daim həmin möminə xatir Allah yanında qorunurlar.”[38] Xızırın (ə) davranış tərzi meyardırmı? Musa (ə) ilə Xızırın (ə) əhvalatında alimlər arasında mübahisəyə səbəb olan ən mühüm məsələlərdən biri bu iki dostun qarşılaşdığı üç hadisədir. Musa (ə) hadisələrin görünməyən tərəflərindən xəbərdar olmadığı üçün etiraz edirdi. Sonradan ustadının izahlarını eşitdikdə qane olmuşdu. İndi soruşula bilər ki, qəsbkarın əlinə keçməməsi üçün sahibinin icazəsi olmadan kiminsə malını korlamaq olarmı? Bir yeniyetməni gələcəkdə edəcəyi bir işdən ötrü öncədən cəzalandırmaq olarmı? Başqasının malını qorumaq üçün zəhmət haqqı almadan işləməyə lüzum varmı? Qeyd etməliyik ki, bizi əhatə edən dünyaya iki sistem hakimdir: Bizdən asılı olmayan obyektivlik; bizdən asılı olan subyektivlik. Bu iki sistem ümumi prinsiplərdə koordinasiya təşkil etsə də, xırdalıqlarda bir-birindən ayrıdır. Məsələn, Allah-taala bəndələrini sınağa çəkmək üçün qarşılarına qorxulu hadisələr, var-dövlətin, məhsulun azalması, əzizlərin itirilməsi kimi hadisələr çıxarır. Bununla da kimin səbirli və dözümlü olması sınanılır. Görəsən hər hansı peyğəmbər belə bir addım ata bilərmi? Allah naşükürlük etdiyinə görə insanın sağlamlığını əlindən ala bilər. Ancaq subyektivlik aləmində kimisə naşükürlük etdiyinə görə sağlamlıqdan məhrum etmək olarmı? Obyektiv sistemdə Allah heç bir görünən səbəb olmadan istənilən hadisə vasitəsilə yetkinlik yaşına çatmamış bir uşağın həyatına son qoya bilər. Çünki həmin uşaq gələcəkdə böyük təhlükələrə səbəb ola bilər. Eyni zamanda bu cür şəxslərin qorunub saxlanılması imtahan və sınaqlara xidmət edə bilər. Allah bir qrup insanı (Musa kimi) subyektiv sistemin qanunlarını icra etmək, mələklər və insanlardan ibarət olan başqa bir qrupu isə obyektiv sistemin qanunlarını idarə etmək üçün ezam etmişdir. Əlbəttə, bu qrupların heç biri özbaşına addım ata bilməz. Addım atmaları üçün həqiqi hakim və malikdən icazə almaları şərtdir. Buna görə də Xızır açıq şəkildə bildirir ki, mən bu işləri özbaşına etmirəm[39]. Biz ona yer üzündə qüdrət və hökmranlıq verdik və hər şeyin səbəblərini onun ixtiyarına verdik. O, bu səbəblərə tabe oldu (onlardan istifadə etdi). Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü (gözünə belə göründü). Orada bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Ya onları cəzalandırmalı, ya da onlarla bağlı yaxşı bir davranış seçməlisən!” Dedi: “Haqsızlıq edəni cəzalandıracağıq. Sonra Rəbbinə qayıdacaq və Allah ona ağır bir əzab verəcəkdir! İman gətirib yaxşı iş görənə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. Sonra o, (yenidən ixtiyarında olan) vasitələrdən istfadə etdi. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün (günəşə) qarşı heç bir örtük yaratmamışdıq. Bax belə! Biz onun ixtiyarında olan imkanlardan xəbərdar idik. Sonra o, yenə (ixtiyarında olan) vasitələrdən istifadə etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ətrafında heç bir söz anlamayan (özlərinə məxsus dilləri olan) bir tayfaya rast gəldi. Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ərazilərdə fitnə-fəsad törədir. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Zülqərneyn) dedi: “Rəbbimin mənə əta etdiyi daha yaxşıdır. Yaxşısı budur qüvvənizlə mənə kömək edin, mən də sizinlə onların arasında möhkəm bir sədd çəkim. Mənə böyük dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını tamamilə doldurduqda dedi: “(Onun ətraında ocaq qalayın və) Körükləyin!” Dəmir qızarıb əriyənə kimi (körüklədilər). Dedi: “Mənə ərimiş mis gətirin, onun üstünə töküm!” Onlar (Yəcuc və Məcuc tayfaları) onun nə üstünə çıxa bildilər, nə də onu dələ bildilər. ——————————————————————————————- Zülqərneyn: Zülqərneynin kimliyi təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. İrəli sürülən ehtimallar arasında Quran ayələri və tarixi faktlarla uyğunluq təşkil edən ən böyük ehtimal Zülqərneynin Əhəməni şahı II Kir olması ehtimalıdır. Tarixi mənbələrin yazdığına görə II Kir Şərq, Qərb və Şimala yürüşlər etmişdir. Bu üçistiqamətli yürüşlər Quranda işarə edilən üç səfərə uyğun gəlir. II Kir birinci dəfə Kiçik Asiyanın şimalında yerləşən Lidiya torpaqlarına yürüş etmişdir. Bu ölkə II Kirin hökumətinin qərbində yerləşirdi. Əgər Kiçik Asiyanın qərb sahilinin xəritəsinə baxsaq, sahilin böyük bir hissəsinin kiçik körfəzlərlə əhatə olunduğunu, xüsusilə çeşmə formasını almış İzmir körfəzində bitdiyini görərik. 86-cı ayədə buyurulur ki, Zülqərneyn qərb səfərində günəşin qara və palçıqlı çeşmədə batdığını görür. Bu səhnə günəşin körfəzlərdə batarkən II Kirin şahidi olduğu səhnədir. II Kirin ikinci yürüşü Şərq istiqamətində olmuşdur. Yunan tarxçisi olan Herodot yazır: II Kirin Şərqə hücumu Lidiya ölkəsinin fəthindən sonra baş vermişdir. II Kiri bu yürüşə vadar edən səhrada yaşayan bəzi vəhşi qəbilələrin zülm və haqsızlıqları olmuşdur. Quranın təbirincə (90-cı ayə) II Kir Şərq səfərində günəş şüalarının qarşısını tutacaq heç bir daldanacaq və kölgənəcəkləri olmayan səhra xalqlarını görmüşdür. II Kirin üçüncü yürüşü şimal istiqamətində, yəni Qafqaz dağları istiqamətində olmuşdur. II Kir iki dağ arasındakı dar keçidə çatdıqda yerli əhalinin xahişi ilə vəhşi xalqların qarşısını almaq üçün iki dağ arasına möhkəm bir sədd çəkmişdir. Bu boğaz hal-hazırda Daryal adlanır. Vladiqafqaz və Tiflisin arasında yerləşən bu sədd və dəmir hasar indi də qalmaqdadır. Bu sədd II Kirin inşa etdirdiyi həmin səddir. Quranın Zülqərneyn səddi ilə bağlı təqdim etdiyi xüsusiyyətlər bu sədd ilə tamamilə uyğunluq təşkil edir[40]. Zülqərneynin ixtiyarında olan vasitələr: “Səbəb” ərəb dilində ağaca çıxmaq üçün istifadə edilən kəndirə, ümumiyyətlə, istənilən vasitəyə deyilir. Ayədə bu söz daha geniş məna ifadə edir. Bu da onu göstərir ki, Allah hədəfinə çatmaq üçün bütün vasitələri Zülqərneynin ixtiyarına vermişdi – yetərli dərəcədə ağıl və bacarıq, düzgün idarəçilik qabiliyyəti, güc və qüdrət, ordu və insan qüvvəsi, maddi imkanlar. Zülqərneyn bu imkanlardan çox yüksək səviyyədə istifadə edirdi[41]. Zülqərneyn heç bir söz anlamayan xalqla hansı dildə ünsiyyət qurmuşdur? 93-cü ayədə buyurulur ki, Zülqərneyn heç bir söz anlamayan və özlərinə məxsus dilləri olan bir xalqa rast gəldi. Ancaq 94-cü ayədə bu xalqın Zülqərneynlə danışdığı, camaatın ondan Yəcuc və Məcuca qarşı bir sədd tikdirməsini xahiş etdiyi qeyd edilmişdir. Bu danışıqlar işarələr və ya danışıq hesab edilməyən sözlər vasitəsilə ola bilər. Bəzilərinin ehtimalına görə onların arasında baş verən anlaşma tərcüməçilər və ya Allah tərəfindən edilən ilham vasitəsilə baş tutmuşdur. Bu ilham formasına Süleymanın bəzi heyvanlarla danışığını misal göstərə bilərik[42]. Yəcuc və Məcuc: Faktlara əsasən deyə bilərik ki, böyük ehtimalla Yəcuc və Məcuc Qafqaz xalqlarının başına bəla olmuş monqol tayfalarından biri olmuşdur. II Kirin bu ərazilərə yürüşü zamanı Qafqaz xalqları onların qarşısının alınması üçün ondan yardım istəmiş, o da məşhur Zülqərneyn səddini tikdirmişdir[43]. Dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəb­­bimin vədi yetişdikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”. O gün (Yəcuc və Məcuc tayfalarını) onları axışıb izdiham yaratdıqları halda buraxarıq. Sur üfürüləndə Biz hamını bir yerə toplayarıq. O gün Biz Cəhənnəmi kafirlərə göstərərik. O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkilmişdi, özləri də eşidə bilmirdilər. Kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaq­­larınımı güman edirdilər? Biz Cəhənnəmi kafirləri qəbul etmək üçün hazırlamışıq. De: “Sizə əməllərində ən çox ziyana uğrayanların kimlər olduğunu xəbər verimmi? O kəslər haqqında ki, dünya həyatındakı səyləri boşa çıxdığı halda, yaxşı işlər gördüklərini güman edirdilər. Onlar Rəblərinin ayələrini və Onunla görüşəcəklərini inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü onlar üçün heç bir çəki və hesab-kitab olmayacaq”. Kafir olduqları, ayələrimi və elçilərimi məsxərəyə qoyduqları üçün cəzaları Cəhənnəmdir. İman gətirib xeyirxah əməllər edənlərə gəldikdə isə, Firdovs bağları onları qəbul edən məskən olacaq. Onlar orada əbədi qalacaq, oradan köçmələrini istəməyəcəklər. De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dənizlər mürəkkəb olsa və bir o qədər də ona əlavə etsək belə, Rəbbimin sözləri qurtarmadan dənizlər qurtarardı”. De: “Mən də sizin kimi bir insanam. (Üstünlüyüm ondadır ki,) mənə vəhy olunur ki, sizin məbudunuz tək olan məbuddur. Kim Rəbbi ilə qarşılaşmağa ümid bəsləyirsə, gərək yaxşı işlər görsün və ibadətlərində heç kəsi Rəbbinə şərik qoşmasın!” —————————————————————————————— Cənnət və Cəhənnəm təsəvvürəgəlməz mükafat və cəzanın müqəddiməsidir: “Nüzul” ərəb dilində qonağa ilk təklif edilənə deyilir. Bu ayədə Cəhənnəmin kafirlərə təklif edilən ilk yer olduğu buyurulmuşdur. 107-ci ayədə isə Cənnətin saleh əməl sahibi olan möminlərə təklif edilən ilk yer olduğu qeyd edilmişdir. Bəzi təfsirçilər bu ayələrə istinadən Cənnət və Cəhənnəmin mömin və kafirlərə təklif edilən ilk yerlər olduğunu, bundan sonra isə təsəvvür edilə bilməyəcək savab və mükafat olduğunu söyləmişlər. Bəzi Quran ayələri də bu fikri təsdiq edir: “Orada (Cənnətdə) onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (heç kəsin təsəvvür edə bilməyəcəyi nemətlər) mövcuddur!” (Qaf surəsi, 35-ci ayə) “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələrin saxlandığını heç kəs bilmir.” (Səcdə surəsi, 17-ci ayə); “Və onlar üçün əsla güman etmədikləri görünəcəkdir.” (Zümər surəsi, 47-ci ayə)[44] 103-104. İnsanların ən ziyana uğramışı: Bir insanın bəzən yanlış bir iş gördüyü halda, yaxşı və mühüm bir iş gördüyünü güman etdiyinin çox şahidi oluruq.  Bu cür mürəkkəb cəhalət bir an, bir il, hətta bir ömür də davam edə bilər. Doğrusu, bundan böyük bədbəxtlik ola bilməz. Quranın bu cür şəxsləri insanların ən ziyana uğramışı adlandırmasının səbəbi aydındır: Günaha batıb, ancaq günah etdiyini bilən şəxslər adətən öz yanlışı üçün həd və sərhəd müəyyən edirlər. Çox təsadüf edilib ki, onlar özlərinə gəlmiş və yanlışlarını düzəltmək üçün tövbə edib yaxşı işlər görmüşlər. Günah edib günahlarını ibadət sayanlar çirkin əməllərini düzgünlük hesab edirlər. Bu adamların öz əməllərini islah etməməklə bağlı qərarları bir tərəfə, öz əməllərini davam etdirməkdə israr da göstərirlər. Quran onların haqqında diqqət çəkən çox maraqlı bir ifadə işlədir və onları “əməllərində ən çox ziyana uğrayanlar” adlandırır. Hədislərdə bu ifadənin fikir və düşüncə tələb edən çox aydın nümunələrinə rast gəlinir. Bəzi hədislərdə tərki-dünya kişi və qadınlar bu ayənin xitab obyektləri kimi təqdim edlmişdir. Çünki onlar ömürlərini məbədlərdə keçirir, özlərini dünyanın halal zövqlərindən məhrum edir və bu məhrumiyyəti Allaha yaxınlaşma səbəbi hesab edirlər. Bəzi hədislərdə Nəhrəvan çölündəki xəvaric bu ayənin xitab obyektlərindən biri hesab edilmişdir. Bu kütbeyin və nadan insanlar Əlini (ə) öldürmək kimi böyük günahı Allaha yaxınlaşmaq səbəbi hesab edir, Cənnətin onların inshisarında olduğunu düşünürdülər. İfrat təəssüblər, qürur, təkəbbür, eqoizm, özünü bəyənmə, lovğalıq, dünyapərəstlik bu cür yanlış düşüncələrin meydana gəlməsinin ən mühüm amillərindəndir[45]. Allahla görüş: Şübhəsiz ki, “Allahla qarşılaşma” deyilərkən hissi qarşılaşma nəzərdə tutulmur. Çünki hissi qarşılaşma cisim olmanı, cisim olmaq məhdud, möhtac və fani olmanı tələb edir. Hər bir ağıl sahibi Allahın bu xüsusiyyətlərdən uzaq olduğunu bilir. Deməli, Allahla qarşılaşma deyilərkən batini müşahidə nəzərdə tutulur. Yəni insan Qiyamətdə Allahın nişanələrini hər zamankından daha çox görəcək və onda sanki Allahı qəlb gözü ilə aşkarda görürmüş kimi bir təəssürat yaranacaq. Buna görə də hətta ən inadkar inkarçılar belə, Qiyamətdə inkar etmək üçün heç bir bəhanə qalmadığını görüb etiraf edəcəklər[46]. İxlas saleh əməlin həqiqətidir: Bu ayədə saleh əməlin həqiqəti qısa bir cümlə ilə ifadə edilmişdir. Daha aydın desək, ixlas və səmimiyyət olmadan əməl saleh hesab edilməz[47]. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Riyakarlıq və özünü göstərmək niyyəti ilə namaz qılan, oruc tutan və sədəqə verən şəxs ibadətində Allaha şərik qoşmuşdur.” Sonra Peyğəmbər (s) sözügedən ayəni oxumuşdur. İmam Baqir (ə) və İmam Sadiqə (ə) aid edilən bir hədisdə belə buyurulmuşdur: “Əgər bəndə hər hansı əməli Allahın rəhmətini qazanmaq və axrət niyyəti ilə etsə, ancaq bu əmələ kiminsə xoşuna gəlmək niyyəti də qatsa, əslində, həmin bəndə müşrik olmuşdur.”[48] [1] Nümunə, c.12, səh.315 [2] Əl-Mizan, c.13, səh.316 [3] Nümunə, c.12, səh.324 [4] Nümunə, c.12, səh.327 [5] Nümunə, c.12, səh.327 [6] Əl-Mizan, c.13, səh.241 [7] Nümunə, c.12, səh.395 [8] Əl-Mizan, c.13, səh.251 [9] Nümunə, c.12, səh.369 [10] Əl-Mizan, c.13, səh.253 [11] Nümunə, c.12, səh.375 [12] Nümunə, c.12, səh.381 [13] Nümunə, c.12, səh.382 [14] Nümunə, c.12, səh.384-389 [15] Nümunə, c.12, səh.390 [16] Nümunə, c.12, səh.414 [17] Əl-Mizan, c.13, səh.304 [18] Əl-Mizan, c.13, səh.306 [19] Əl-Mizan, c.13, səh.311 [20] Nəhcül-bəlağə, 403-cü hikmət [21] Əl-Mizan, c.13, səh.314 [22] Nümunə, c.12, səh.439 [23] Nümunə, c.12, səh.447 [24] Əl-Mizan, c.13, səh.315 [25] Nümunə, c.12, səh.451 [26] Əl-Mizan, c.13, səh.320 [27] Nümunə, c.12, səh.457 [28] Nümunə, c.12, səh.466 [29] Nümunə, c.12, səh.471 [30] Əl-Mizan, c.13, səh.333 [31] Nümunə, c.12, səh.480 [32] Əl-Mizan, c.13 ,səh.335 [33] Əl-Mizan, c.13, səh.336 [34] Əl-Mizan, c.13, səh.334 [35] Nümunə, c.12, səh.486 [36] Nümunə, c.12, səh.487 və 515 Bu peyğəmbərlərdən birinin vəzifəsi görünən, digərininki görünməz aləmlə bağlıdır. Birinə hadisələrin görünən tərəfləri, digərinə isə görünməyən tərəfləri əsasında davranmaq vəzifəsi tapşırılmışdır. Heç biri digərinə aid olan tərəflər əsasında davrana bilməz. Əks təqdirdə vəzifə səlahiyyətlərini aşmış olar. Hər birinə özünə aid olan sahəyə uyğun yüksək bilgi verilmişdir. Hər ikisi Allahın bu sahələrə uyğun olan əmrlərini icra etməklə vəzifələndrilmişdir. [37] Əl-Mizan, c.13, səh.494 və 519 [38] Əl-Mizan, c.13, səh.345 [39] Nümunə, c.12, səh.505 [40] Nümunə, c.12, səh.542-549 [41] Nümunə, c.12, səh.529 [42] Nümunə, c.12, səh.533 [43] Nümunə, c.12, səh.552 [44] Əl-Mizan, c.13, səh.364 [45] Nümunə, c.12, səh.563 [46] Nümunə, c.12, səh.566 [47] Nümunə, c.12, səh.577 [48] Əl-Mizan, c.13, səh.402

QURANI KƏRIM 08.02.2025

“İsra” surəsi xülasə təfsiri və tərcüməsi

“İsra” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Dəlillərimizdən bəzisini göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidül-həramdan ətrafını xeyir-bərəkətli etdiyimiz Məscidül-əqsaya aparan (Allah) pak və müqəddəsdir. Çünki O, eşidəndir, görəndir. Biz Musaya səmavi kitab verdik və onu İsrail oğullarına doğru yol göstərən bir vasitə edərək dedik: “Məndən başqasını özünüzə himayədar götürməyin!” Ey Nuhla birlikdə (gəmiyə) mindirdiklərmizin övladları! O, şükür edən bir qul idi. Biz kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcəksiniz və olduqca təkəbbür göstərəcəksiniz”(– deyə) xəbər verdik. Birinci vədin vaxtı yetişdiyi zaman sizə qarşı döyüşçü qullarımızı göndərərik. (Onlar sizi məhv edərlər, hətta cinayətkarları yaxalamaq üçün) evləri axtararlar. Bu, qəti bir vəddir. Sonra sizi onlar üzərində yenidən qalib edər, var-dövlət və oğullarla sizə yardım edər və sayınızı çoxaldarıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, yenə də özünüzə etmiş olursunuz. İkinci vədin vaxtı yetişdiyi zaman üzünüzdə qəm-qüssə əlamətləri aşkar olar, birinci dəfə məscidə (Əqsaya) girdikləri kimi, (yenə də) girərlər və hökmranlıqları altına aldıqları hər şeyi məhv edərlər. ————————————————————————————– “İsra” surəsinin ümumi məzmunu: Təkallahlıq inancı və şirkin inkarı bu surənin əsas məzmununu təşkil edir. Surə Allahın nöqsansız olması ifadəsi ilə başlayır. Sonra Allahın İsrail oğulları üçün təyin etdiyi tale yolundan bəhs edir. Bununla da Allaha itaət edənin izzətli, itaətindən boyun qaçıranın isə xar olacağı mesajı verilir. Surədə xilqət və məadla bağlı olan bəzi həqiqətlər, dinin bəzi ümumi hökmlərindən bəhs edilir[1]. Merac: Bu ayədə Peyğəmbərin (s) “merac” adı ilə tanınmış ilahi və heyətamiz səfərinə işarə edilmişdir. Bundan başqa “Nəcm” surəsinin də ilk ayələrində ilahi səfərə işarə edilmişdir. Əlbəttə, hədislərdə Məscidül-həramdan Məscidül-əqsaya hərəkət sözügedən səfərin başlanğıcı kimi göstərilmiş, bundan sonra yer, sonra göy və daha irimiqyaslı bir səfərin baş verdiyi qeyd edilmişdir. Bu ilahi səfərin necəliyi, səfər zamanı Peyğəmbərin (s) başına gələnlər, onun nələri görməsi ilə bağlı hədislərdə ətraflı məlumat verilmişdir. Hədislərdə “Merac” gecəsi Peyğəmbərin (s) mələklərlə, peyğəmbərlərin ruhları ilə görüşməsi, Cənnətlə Cəhənnəmi yaxından görməsi, heç bir vasitə olmadan Allahla danışması qeyd edilmişdir[2]. Daha ətraflı məlumat almaq istəyənlər təfsir və hədis kitablarına müraciət edə bilərlər. İnsanlar Nuh (ə) və onun gəmi yoldaşlarının soyundandır: Quran ayələrindən belə məlum olur ki, insanlar Nuh (ə) və onun gəmi yoldaşlarının soyundandırlar. Qalan insanlar o dövrdə həzrət Nuha (ə) iman gətirmədikləri və öz küfrlərində inadkarlıq göstərdikləri üçün tufanda məhv oldular. Belə ki, “Saffat” surəsində belə buyurulmuşdur: “Onun övladlarını (yer üzündə) baqi etdik… Sonra başqalarını (Nuhla düşmənçilik edənləri) suda boğduq.” (“Saffat” surəsi, 77 və 82- ci ayələr)[3]. Nuh – Allahın şükür edən bəndəsi: Şübhəsiz ki, bütün peyğəmbərlər Allaha şükür edirlər. Lakin hədislərdə Nuh (ə) bu xüsusisiyyətlə səciyyələndirilmiş, onun bu xüsusiyyətə daha çox layiq olduğu qeyd edilmişdir. O, paltar geyinəndə, su içəndə, yemək yeyəndə, hər hansı nemətə qovuşanda dərhal Allahı xatırlayar və şükür edərmiş. İmam Baqir (ə) və İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə qeyd edilmişdir: “Nuh hər gün səhər-axşam bu duanı oxuyardı: Ey Rəbbim, mən şahidlik edirəm ki, səhər-axşam mənə verilən nemətlər istər dini olsun, istərsə də dünyəvi, hamısı Sənin tərəfindəndir. Təksən və şərikin yoxdur, həmd də, şükür də Sənə məxsusdur. Məndən razı qalana qədər Sənə şükür edərəm. Hətta məndən razı qaldıqdan sonra belə sənə şükür etməkdən əl çəkmərəm.” Sonra imam belə əlavə etmişdir: “Nuhun şükürü belə olmuşdur.”[4] 4-8. Bu ayələrdə hansı hadisələrə işarə edilmişdir? Ayələrin məzmunu aydındır. Lakin ayələrdə konkret hansı hadisələrdən bəhs edildiyi, nə vaxt, harada baş verəcəyi, döyüşkən və güclü insanlar deyilərkən kimlərin və hansı məscidin nəzərdə tutulduğu açıq şəkildə qeyd edilməmişdir. Bəzi təfsirçilər hesab edirlər ki, ayədə işarə edilən hər iki hadisə İsrail oğullarının tarixində baş vermişdir. Babil hökmdarı Büxtünnəsrin İsrail oğullarına hücumu, nəticədə, Bəni-İsrailin hakimiyyətinin tamamilə yerlə yeksan edilməsi, Heykəl məbədinin uçurulması, Tövrat səhifələrinin yandırılması, kişilərin qətliamı, qadın və qocaların əsir götürülməsi, bu vəziyyətin II Kirin zamanına qədər davam etməsi, onun zamanında İsrail oğullarının əsarətdən xilas olması, yenidən həyat qazanması bu hadisələrdən birincisi, İsanın təvəllüdündən yüz il qabaq Roma imperatoru Espiyanosun əmri ilə vəziri Tərtusun Beytül-müqəddəsi viran qoyması, İsrail oğullarını qətlə yetirməsi, bu didərgin həyatın son illərə, yəni yəhudilərin müstəmləkəçi dövlətlərin köməyi ilə çoxlu cinayətlər törədərək möhkəm olmayan bir dövlət qurduqları son illərə qədər davam edən vəziyyətləri həmin hadisələrdən ikincisi ola bilər[5]. Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər siz qayıtsanız, Biz də qayıdarıq. Cəhənnəmi kafirlər üçün bir həbsxana etdik. Bu Quran ən qətiyyətli yola yönəldir və yaxşı işlər görən möminlərə müjdə verir ki, onlar üçün böyük mükafat olacaq. Axirətə iman gətirməyənlər üçün isə sarsıdıcı bir əzab hazırlamışıq. İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan hər zaman tələskəndir. Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf diləyəsiniz, illərin sayını və hesabı biləsiniz deyə gecənin əlamətini silib gündüzün işıqlı əlamətini gətirdik. Biz hər şeyi aydın şəkildə izah etdik. Hər bir insanın əməllərini öz boynundan asdıq. Qiyamət günü onun üçün qarşısında açıq şəkildə görəcəyi bir kitab çıxararıq. (Ona deyərik:) Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər. Kim doğru yola yönəlirsə, özü üçün yönəlir, kim azğınlığa düşürsə, öz zərərinə azğın olur. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Biz peyğəmbər göndərmədən əzab vermərik. Biz hər hansı şəhəri və məmləkəti məhv etmək istəsək, öncə əmrlərimizi oranın naz-nemət içində yaşayan sakinlərinə bəyan edərik. Qarşı çıxdıqlarında və əzaba məhkum olduqlarında onları şiddətli şəkildə yerlə-yeksan edərik. Nuhdan sonrakı əsrlərdə yaşamış neçə-neçə nəsilləri məhv etdik. Rəbbinin qullarının günahlarını bilməsi və görməsi kifayətdir. —————————————————————————————- İnsanın duası özünün zərərinə ola bilər: Bu ayədə dua daha geniş məna ifadə edir, istənilən çağırış və istəyi, dillə edilən duanı və ya nəyinsə əldə edilməsi üçün göstərilən səyləri ehtiva edir. Əslində, daha çox gəlir və mənfəət əldə etmək üçün insanın tələskənlik etməsi onun qarşısında duran məsələləri ərtaflı şəkildə araşdıra bilməməsinə səbəb olur. Bu tələskənlik isə onun öz həqiqi xeyrini müəyyən edə bilməməsi ilə nəticələnir. Nəfsani istəklər həqiqəti insanın gözündə fərqli göstərir və onu şər və pisliyə doğru getməyə sövq edir. Şər və pislik başlanğıcda insana gözəl görünür, sonra insan onu istəməyə başlayır və düşünür ki, həqiqətən, yaxşı yoldadır. Buna görə də dəyişik salmamaq üçün əsl xeyir və şəri tanımaq çox mühüm məsələdir. “Bəqərə” surəsinin 216-cı ayəsində belə buyurulur: “Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun”. Ayə və hədislərin çoxunda dünya sevgisi, məqam və vəzifə sevgisi, daha çox var-dövlət sevgisi pislənmişdir. Çünki onlar kənardan xoşbəxtlik və səadət kimi görünsələr də, daxildə qaranlıq və zülmət ola bilər. İmam Sadiq (ə) hədislərinin birində: “Öz xilas və həlak yolunu tanı. Allahdan xilasına səbəb olacağını güman etdiyin, lakin məhvinə səbəb olacaq bir şey əsla istəmə!” – deyə buyurmuş, sonra bu ayəni oxumuşdur[6]. İnsanın əməlləri hər zaman onunla birlikdədir: “Tair” bu ayədə yaxşı və pis fal və ya bəxt-tale mənasındadır. Quranda belə buyurulur: Yaxşı və pis fal yalnız boynunuzdan asılmış əməllərdən ibarətdir. “Hər bir insanın əməllərini öz boynundan asdıq”, yəni insanın əməlləri və onların nəticələri nə dünyada, nə də axirətdə ondan ayrı deyil. O, bütün hallarda həmin əməllərin məsuliyyətini daşıyır. Hər nə varsa, əməldir, qalanları yalnız sözdür. Ayə və hədislərdən belə məlum olur ki, insanın bütün əməlləri xırdalıqlarına qədər əməl dəftərində qeyd edilir. Əgər insan yaxşı və saleh əməl sahibidirsə, Qiyamət günü əməl dəftəri sağ əlinə verilər, yox əgər pis əməl sahibidirsə, əməl dəftəri sol əlinə verilər[7]. “Kəhf” surəsinin 49-cu ayəsində belə buyurulmuşdur: “(Bütün insanların) kitabı (orada qarşısına) qoyulacaq və sən günahkarların orada olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O, nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz!” Sərxoş varlılar və ilahi əmr: Ayəni oxuyarkən belə bir sual yarana bilər ki, nə üçün cah-cəlal içində yaşayan şəhvətpərəst varlılar ilahi əmrin xitab obyekti olurlar? Qeyd etməliyik ki, əvvəla, sağlam olmayan cəmiyyətlərdə liderlər varlılar, naz-nemət içində yaşayan dövlətlilər, itaət edənlər isə sıravi insanlar olurlar. İkincisi, ictimai fəsadların çoxunun mənbəyi də naz-nemət içində bəslənmiş, nəfsani istəklərə qərq olmuş, istənilən islahat tələb edən insani və etik çağırışlara ikrah hissi ilə baxan, Allahı unutmuş varlılardır. Buna görə də varlılar peyğəmbərlərə qarşı çıxanların ön sıralarında yer almışlar, sosial ədalətin hakim olmasını və zəif təbəqənin hüquqlarının müdafiəsini tələb edən insanların çağırışlarını onlara qarşı yönəlmiş hücumlar hesab etmişlər. Bu cəhətlərə görə varlılar xüsusilə qeyd edilmişdir. Çünki fitnə-fəsadın əsl kökü məhz bu qrupdur. Habelə bu ayə mömin və Allah axtarışında olan insanlara hökuməti nəfsani istəklərə uymuş kapitalistlərin əlinə verməmək və onlara tabe olmamaqla bağlı xəbərdarlıq edir. Əks təqdirdə cəmiyyət məhv olar[8]. Hər kəs fani dünya həyatını istəsə, ondan yalnız istədiyimiz miqdarı istədiyimiz şəxsə verərik. Sonra isə Cəhənnəmi onlar üçün hazır edərik, oranın yandırıcı odunda qınanmış və (Allahın dərgahından) qovulmuş halda yanacaqlar. Kim də axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, səy (və zəhməti) mükafatlandırılar. Bu iki dəstənin hər birinə Rəbbinin nemətlərindən bəxş edirik. Rəbbinin neməti (heç kəsə) qadağan deyildir. Bax gör (dünyada) onların birini digərindən necə üstün etdik. Axirət dərəcələri və üstünlükləri bundan da artıqdır. Allahla yanaşı başqa məbudlara ibadət etmə, yoxsa xar olar, tək-tənha qalarsan. Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağınızı əmr etmişdir. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlarla incə, mülayim, hörmətlə danış! Təvazökarlıq qanadlarını incə və sevgi-məhəbbətlə onların qarşısına sər və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de. Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız (və yanlışlarınızı düzəltsəniz), O, tövbə edənləri bağışlayandır. Qohum-əqrəbaya da, yoxsula da, yolda qalana da haqqını ver, ancaq israf və bədxərclik etmə! Çünki israfçılar şeytanların qardaşlarıdır. Şeytan Rəbbinə qarşı çox nankordur. ————————————————————————————- 18-20. Dünyanı istəyənlər və axirəti istəyənlər: Bu ayələrdə dünyanı istəyənlərin və axirəti istəyənlərin hər birinin vəziyyətindən və aqibətindən bəhs edilir. Ayədə çox mühüm nüanslara işarə edilib. Burada onlardan üçünü müxtəsər şəkildə qeyd edirik: 1. Ayədə dünya istəyənlərin bütün istədiklərinə nail olacaqları buyurulmur. Allah dünya istəyənləri iki qrupa bölür: Birincisi, dünya istəyənlər istədiklərinin bir qisminə nail olurlar. O miqdarı da Biz təyin edirik. İkincisi, hər kəs də bu miqdara nail olmur. Yalnız Biz istədiklərimiz təyin etdiyimiz miqdara nail olur. Deməli, dünyapərəstlərin hamısı istədiyinə çatmayacaq. Çatanlar isə istədiklərinin hamısına çatmayacaq. Gündəlik həyatımız bu iki məhdudiyyətin mövcudluğunu açıq şəkildə göstərir. O qədər adam var ki, gecə-gündüz çalışır, ancaq bir yerə çatmır. O qədər adam var ki, bu dünyada uzun-uzadı arzuları var, ancaq onların yalnız kiçik bir qismini əldə edib. 2. Dünyapərəstlərin aqibətinin necə olacağı belə qeyd edilir: “Cəhənnəmi onlar üçün hazır edərik”. Ancaq axirət dünyasının aşiqləri haqqında belə buyurulur: “Onların səy və zəhməti mükafatlandırılar”. Yəni Allah-taala onların səy və zəhmətlərinin mükafatını verər. Bu ifadə “onların mükafatı Cənnət olacaq” ifadəsindən daha üstün, daha əhatəlidir. Çünki hər bir kəsin Allah tərəfindən veriləcək mükafatı əməl sahibinin etdiyi əməlin miqyası deyil, mükafatı verənin şəxsiyyət və varlıqlığının miqyası ilə ölçülür. Bu əsasla Allahın verəcəyi mükafat Onun sonsuz zatı, təsəvvürümüzə gələn-gəlməyən maddi və mənəvi nemətlərə münasibdir. 3. Allah-taala nemətlərinin bir hissəsini hamının ixtiyarına verir, pis-yaxşı, hər kəs onlardan faydalanır. Bu, insanların həyatı üçün zəruri olan nemətlərə işarədir. Başqa sözlə desək, bu, Allahın ümumi rəhmətinin bütün mömin və kafirlərə şamil olmasını göstərir. Ancaq bunun fövqündə yalnız möminlərə və əmlisalehlərə məxsus olan sonsuz nemətlər var[9]. Əlbəttə, qeyd etməliyik ki, bu və oxşar ayələrdə dünya istəmək deyilərkən dünya, dünya ləzzətləri və gözəlliklərinin məqsəd seçilməsi nəzərdə tutulur. Yoxsa, dünayaya axirət xoşbəxtliyinə nail olmaq üçün bir vasitə kimi baxılması aləmlərin Rəbbinin Öz istəyidir. Gözəl axirət həyatına nail olmaq üçün dünyanın abad edilməsi və gözəlliyinə çalışmaq, bunun üçün dua və çağırışlar etmək çox bəyənilən və doğru bir işdir. 23-25. Ata-anaya yaxşılıq: Bu ayələrdə təkallahlı olmaq əmri verildikdən sonra ata-anaya yaxşılıq etmək göstərişi verilmişdir. Bu da qeyd olunan məsələnin həddən artıq əhəmiyyətli olduğundan xəbər verir. Ayədə diqqət çəkən ən mühüm məqamlardan biri də budur ki, valideynə yaxşılıq edilməsi əmri onların ən çətin vaxtları, yəni yaşlı olduqları dövrlə konkretləşdirilir. Çünki ixtiyar yaşlarında onlar yemək, içmək, təmizlik və sair kimi ən zəruri ehtiyaclarını təmin etmək iqtidarında olmaya, övladlarına ehtiyac duya bilərlər. Ata-anaya yaxşılıq etmək bütün yaş hədlərində vacib olsa da, qocaqldıqları vaxt bu, daha da vacib olur. Allah Quranda buyurur ki, onlara baxılması çətinliyini canınızla ödəyin, ən kiçik hörmətsizliyə belə yol verməyin, onların da sizin əzablarınıza dözdükləri vaxtı, özlərini oda-suya yaxdıqları, ancaq şikayətlənmədikləri vaxtları yadınıza salın. Valideynə yaxşılıq etmək o qədər mühümdür ki, bəzən cihaddan da vacib olur. Belə ki, cihad bütün insanlara vacib olduğu səfərbərlik deyil, könüllü iştirak tələb olunduğu vaxt valideynə baxmaq cihaddan üstün olur. Könüllü çağırış vaxtı əgər cihada getmək valideynin çətinliyə düşməsinə səbəb olacaqsa, cihada gedilməsinə icazə verilmir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: Bir gənc Allah rəsulunun (s) yanına gəlib deyir: Mən təcrübəli və yüksək əhval-ruhiyyəli bir adamam, cihad etməyi də çox sevirəm, ancaq bu istəyimdən narahat olan bir anam var. Peyğəmbər (s) buyurur: “Qayıt, ananla yaxşı davran. Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, ananın səninlə ünsiyyətdə olduğu bir gecə Allah yolunda edilən bir illik cihaddan üstündür.”[10] Qohumların haqqı: “Rum” surəsinin 38-ci ayəsində bu mövzunu izah edəcəyik. Əgər sən Rəbbindən mərhəmət umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün onlara heç nə verə bilmirsənsə), onlarla xoş və nəzakətli danış. Əlini nə qoynunda gizlət, nə də onu büsbütün aç. Yoxsa qınanmış və aciz vəziyyətə düşərsən. Həqiqətən, Rəbbin istədiyinin ruzisini bol, ya az edər. O, Öz qullarını tanıyır və görür. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır. Zinaya yaxınlaşmayın. Çünki bu, çox çirkin bir iş və pis bir yoldur! Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, vəkilinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur. Yetim həddi-buluğa çatana qədər, xeyirxahlıq məqsədi istisna olmaqla, onun malına yaxınlaşmayın! Əhdə vəfa qılın. Çünki əhd barəsində sorğu-sual olunacaqdır. Ölçdükdə ölçüyə tam riayət edin, düzgün tərəzi ilə çəkin. Bu, sizin üçün daha xeyirli və nəticəsi daha yaxşıdır. Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək, bunların hamısından soruşulacaq. Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilərsən, nə də qamətin dağlara çata bilər. Bütün bu əməllərin günahı Rəbbinin xoşlamadığı bir şeydir. —————————————————————————————- Allah yolunda xərcləyərkən orta həddi gözləmək: İmam Sadiqdən (ə) belə bir məzmunda hədis nəql edilmişdir: Əgər kimsə Peyğəmbərdən (s) ehtiyac duyduğu bir şey istəsəydi, verərdi. Bir gün bir qadın oğlunu Peyğəmbərin (s) yanına göndərib deyir: Peyğəmbərdən (s) bir şey istə, əgər desə ki, yoxumdur, onda köynəyini istəyərsən. Oğlan belə də edir. Üstündə heç nəyi olmadığı üçün Peyğəmbər (s) köynəyini verməli olur. Həmin vaxt Allah-taala bu ayəni göndərərək ona bütün üstün cəhətlərinə baxmayaraq sədəqə verərkən orta həddi gözləməyi, sədəqə verərkən onu minimum həyat təminatlarından məhrum edəcək həddə israfçılığa yol verməməyi göstəriş verir[11]. Övlad qətlinin qadağan edilməsi: Övladın tələf edilməsi Quranın bir neçə yerində qadağan edilmişdir. İnsan qətlinin bir forması hesab edilən bu çirkin davranış xüsusilə yasaq edilmişdir. Çünki övlad öldürmək bədbəxtlik və daşürəkliliyin ən çirkin formasıdır. Bu məsələyə xüsusilə diqqət ayrılmasının bir səbəbi də budur ki, ərəblər tez-tez qıtlıq baş verən bir regionda yaşayırdılar. Qıtlıq əlamətlərini müşahidə etməyə başlayarkən yoxsullaşmamaq və abırlarını qorumaq üçün gördükləri ilk iş övladlarını öldürmək olurdu[12]. Maraqlısı budur ki, müasir dövrün insanları keçmişdəkilərin bu çirkin davranışları haqqında eşitdikdə dəhşətə gəlir, qorxuya düşürlər. Halbuki eyni cinayəti uşaq saldırmaqla həyata keçirirlər, hətta dünyanın ən mütərəqqi cəmiyyətlərində əhali artımı və iqtisadi böhranın qarşısını almaq üçün bu cinayətə əl atırlar[13]. Zinaya yaxınlaşmayın: Bu ayədə zina qadağan edilməklə yanaşı, çox incə bir məqama da toxunulmuşdur. O da budur ki, adıçəkilən günahın təhrikediciləri vardır və insan bu günaha tədricən bulaşır. Göz oxşamaq, naz-qəmzə, çılpaqlıq, hicabsızlıq, günaha təhrik edən kitablar, fəsad ocaqları, naməhrəmlə xəlvət, gənclərin evlənməməsi, tərəflərin ailə qurulması məsələsini çətinləşdirməsi və sair insanı zinaya təhrik edən, ona yaxınlaşdıran amillərdir. Allah-taala kiçik bir cümlədə onların hamısını qadağan etmişdir[14]. Qətldə həddi aşmaq: “Qətldə həddi aşmayın!” cümləsində Cahiliyyət dövründə geniş yayılmış, dövrümüzdə də təsadüf edilən bir əmələ işarə edilmişdir. Belə ki, bəzən qətlə yetirilmiş bir nəfərin əvəzində qətlə yetirilən şəxsin yaxınları bir qəbiləni və ya bir ailəni qətlə yetirir, çoxlu qanlar tökürlər. Hətta qətl hadisəsində də ədalətə riayət edilməsinin zəruriliyi möminlərin əmiri İmam Əlinin (ə) vəsiyyətlərində yer almış prinsiplərdəndir: “Ey Əbdülmüttəlibin övladları! Mənim qətlə yetirilməyimi bəhanə gətirib müsəlmanların qanını tökməyinizi, “möminlərin əmiri öldürüldü, möminlərin əmiri öldürüldü” deməyinizi görməyim. Siz də ona bir zərbə vurun! Məbada onun bədən üzvlərini kəsəsiniz. Çünki mən Allah rəsulundan (s) “hətta quduz it olsa belə, üzvləri kəsməkdən çəkinin!”, – deyə buyurduğunu eşitdim.”[15] Bilmədiyinin dalınca getmə: “Bilmədiyinin dalınca getmə” cümləsinin mənası çox genişdir, etiqad, danışmaq, şahidlik etmək, hökm vermək və sair məsələləri əhatə edir. Hər şeydə meyar elm və əminlik olmalıdır. Zənn, güman, ehtimal, təxmin, şəkk-şübhə və sairəyə etimad göstərmək olmaz. İmam Kazim (ə) atasına istinadən belə buyurmuşdur: “Sən ürəyin istəyəni deyə bilməzsən. Çünki Allah “bilmədiyinin dalınca getmə”, – deyə buyurmuşdur.”[16] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Allah-taala mömin kişi və ya qadına böhtan atan şəxsi tam cəzalandırmaq üçün çirkin əməllə məşğul olan qadınlara aid çirk və çirkabın içində saxlayar.”[17] Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrıya ibadət etmə, yoxsa qınanmış və qo­­vulmuş halda Cəhənnəmə atılarsan. Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürüb?! Siz olduqca böyük (və çirkin) söz danışırsınız. Xatırlamaları üçün Biz bu Quranda müxtəlif faydalı açıqlamalar verdik. Lakin (bu,) onların yalnız nifrətini artırır. De: “Əgər onların söylədikləri kimi, Allahla yanaşı başqa tanrılar olsaydı, onlar ərş sahibinə doğru yol tapmaq üçün səy göstərərdilər”. Allah onların söylədiklərindən ucadır, çox ucadır, çox təmizdir. Yeddi göy, yer və onlarda olanlar, hamısı Ona təriflər deyir. Hər bir yaranmış Ona həmd və tərif deyir, lakin siz onların tərifini anlamazsınız. O, səbirlidir, bağışlayandır. Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkirik. Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək olduğunu yad etdiyin zaman onlar arxa çevirir, səndən üz döndərirlər. Onlar səni dinlədikləri zaman nəyə qulaq asdıqlarını, habelə öz aralarında xəlvətcə söhbət edərkən o zalımların: “Siz ancaq sehrlənmiş bir adama uyursunuz”– dediklərini Biz çox yaxşı bilirik. Gör səni kimlərə bənzətdilər! Nəticədə, azdılar və doğru yolu tapa bilməzlər. Onlar dedilər: “Biz çürümüş və dağılmış sümüklər olduğumuz zaman təzədən yeni bir yaranmış olacağıq?” ———————————————————————————— Cahil inanc: Bu ayədə müşriklərin xurafat inanclarından birinə işarə edilmiş, onların məntiq və təfəkkürünün əsasına aydınlıq gətirilmişdir. Belə ki, müşriklərin çoxu mələklərin Allahın qızları olduğuna etiqad bəsləyirdi. Ancaq özləri qız adı eşidəndə utanc hissi keçirir, onun varlığını özlərinə ar bilir, evdə qız uşağının dünyaya gəlməsini bədbəxtlik əlaməti hesab edirdilər. Quran onlara öz məntiqləri ilə cavab verərək belə buyurur: Siz o qədər nadansınız ki, özünüzə ar bildiyinizi, varlığından utanc hissi keçirdiyinizi Allaha aid edirsiniz[18]. Qarşıdurma arqumenti: Bu ayədə tövhid arqumentlərindən biri hesab edilən qarşıdurma arqumentinə işarə edilmişdir[19]. Belə ki, müşriklər Allahdan başqa tanrıların da olduğuna, onların hər birinin dünyanı ayrı-ayrı cəhətlərdən idarə etdiyinə inanırdılar. Müşriklərə görə onlar yer tanrısı, göy tanrısı, müharibə tanrısı, Qüreyşin tanrısı və sair olmaqla dünyanın idarə edilməsində pay sahibidirlər. Bu ayədə bildirilir ki, əgər belə olsaydı, onların hər biri ərşin sahibinə doğru hərəkətə keçər, Onu taxtdan salıb özü də Onun yerinə keçmək üçün çalışardı. Hər bir varlığın daxilində qüdrət və hakimiyyət sevgisi olduğu üçün onlar da qüdrət və hakimiyyətin tam sahibi olmaq üçün bir-biri ilə mübarizəyə qalxardılar. Belə bir mübarizə və qarşıdurma olmaması, kainatın vahid bir proqram əsasında hərəkət etməsi kainatın vahid bir idarəedicisinin olduğunu göstərir[20]. Mövcudat aləminin tərif deməsi: Quranın ayrı-ayrı ayələrində mövcudat aləminin Allaha həmd və tərif deməsindən söhbət açılmışdır. Bəlkə də bu ayə heç bir istisna etmədən bütün yaradılış aləminin tərif və sitayişdə ortaq olduğunu tamamilə açıq şəkildə ifadə edən ayədir. Ancaq təfsirçilər bu tərifin keyfiyyəti ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bir qrup təfsirçi hesab edir ki, canlı, cansız, şüurlu, şursuz olmasından asılı olmayaraq kainatın bütün zərrələri özünəməxsus şüur və idraka malikdir və öz aləmində Allaha həmd və tərif deyir. Hərçənd ki, biz onların dərk və hisslərinin hansı formada olduğunu anlaya bilmir, həmd və tərif zümzümələrini eşidə bilmirik. “Fussilət” surəsinin 11-ci ayəsində belə buyurulmuşdur: “Sonra Allah tüstü halında olan göyə üz tutaraq ona (göyə) və yerə belə əmr etdi: “İstəsəniz itaət göstərib, istəsəniz məcburi olaraq meydana gəlin!” Onlar da: “İstəyərək (Allahın əmrinə itaət edərək) vücuda gəldik!” – deyə cavab verdilər.” Bu və bənzər ayələri qeyd olunan inancın təsdiqləyicisi hesab etmək olar. Bir çox təfsirçilər hesab edirlər ki, bu həmd və tərif mövcud vəziyyətin ifadəsinə əsaslanan həmd və tərifdir, məcaz deyil, həqiqətdir. Buna rəssamın yüksək zövq və məharətə malik olmasından xəbər verən, tərif dedizdirən tablonu misal göstərə bilərik. Əsrarəngiz kainat malik olduğu heyrətamiz sistem və sirlərlə, əzəmət və gözəlliyi, insanı heyrətə salan incəlikləri ilə Allaha həmd və tərif deyir. Məgər həmd və tərif eyib və nöqsanlardan uca bilmək deyilmi? Varlıq aləminin quruluşu və nizam-intizamı onu yaradanın bütün eyib və nöqsanlardan uca olduğunu göstərir. Məgər həmd kamillik xüsusiyyətlərinin bəyanı deyilmi? Yaradılış aləminin nizam-intizamı Allahın kamil xüsusiyyətlərə, sonsuz elmə, qüdrətə, geniş və əhatəli hikmətə malik olmasından danışır. Bütün yaradılış aləminin həmd və tərif deməsi bu yöndən tamamilə başa düşüləndir. Buna görə kainatın bütün zərrələrinin şüur və idraka malik olduğunu deməyə lüzum yoxdur. Çünki bununla bağlı qəti bir dəlilimiz yoxdur. Quranın digər ayələri də vəziyyətin ifadəsi ehtimalının daha məqsədəuyğun olduğunu təsdiq edir[21]. De: “İstər daş olun, istər dəmir və ya nəzərinizdə bundan da möhkəm (bildiyiniz) bir məxluqa, (həyat imkanından nə qədər uzaq olsa da, yenə də Allah sizi diriltməyə qadirdir)”. Onlar tezliklə deyəcəklər: “Bizi kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar (təəccüb və inkar əlaməti olaraq) başlarını sənə doğru əyib: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu!” Sizi (qəbirlərinizdən) çağıracağı gün çağırışına Ona həmd edən halda cavab verəcək və (Bərzəxdə) çox az qaldığınızı güman edəcəksiniz. Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki Şeytan onların arasına ədavət sala bilər. Şeytan hər zaman insanın açıq-aydın düşməni olmuşdur. Rəbbiniz sizdən (əməl və niyyətlərinizdən) xəbərdardır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onların üzərində məmur olasan deyə, göndərməmişik. Rəbbiniz göylərdə və yerdə olanların hamısının vəziyyətindən çox yaxşı xəbərdardır. Biz peyğəmbərlərin bəzisini digər bəzisindən üstün etdik və Davuda Zəbur verdik. De: “Allahdan başqa məbud bildiklərinizi çağırın. Onlar hər hansı çətinliyi sizdən nə uzaqlaşdırmağa, nə də onda dəyişiklik yaratmağa qadirdirlər”. Onların çağırdığı şəxslər özləri də Rəblərinə (yaxın olmaq üçün) bir vasitə axtarırlar, Onun rəhmətinə ümid bəsləyir, əzabından qorxurlar. Çünki Rəbbinin əzabı qorxmağı və qorunmağı tələb edir. Elə bir şəhər və kənd yoxdur ki, Qiyamət günündən əvvəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar etməyək. Bu, ilahi kitabda (lövhi-məhfuzda) yazılmışdır. ————————————————————————————— Müxaliflərlə mübahisə metodu: Bu ayədə müxaliflərlə, xüsusilə müşriklərlə necə mübahisə edilməsi metoduna işarə edilmişdir. Belə ki, məktəb nə qədər yüksək, məntiq nə qədər güclü olsa da, düzgün mübahisə metodu ilə müşayiət olunmazsa, ona incəlik və sevgi yerinə kobudluq hakim olarsa, heç bir faydası olmaz. Buna görə də Allah İslam peyğəmbərinə (s) belə buyurur: “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar”. “Ən gözəl” deyilərkən, deyilən sözün məzmunu, deyilmə forması, etik və insani dəyərlərlə müşayiət olunma nəzərdə tutulur. İslamın ilk vaxtlarında yeni iman gətirmişlər daha öncəki adətlərinə uyğun olaraq inanclarına müxalif olanlarla kobud davranır, onların cəhənnəmlik və azğın, özlərinin isə cənnətlik olduqlarını deyirdilər. Bu da müxaliflərin Peyğəmbərin (s) çağırışları qarşısında mənfi mövqe tutmasına, Allah rəsuluna (s) qarşı təhqiramiz ifadələr işlətməsinə, onu sehrbaz, dəli, kahin, şair adlandırmalarına səbəb olurdu. Bu təhqirlər bəzən elə həddə çatırdı ki, müsəlmanlar qeyri-ixtiyari olaraq onlarla söz savaşına çıxır, ağızlarına gələni danışırdılar. Quran möminləri bu işdən çəkinməyə, Şeytanın fitnəsindən qorunmaları üçün danışarkən mülayim və nəzakətli olmağa, ən gözəl sözləri seçməyə dəvət edir[22]. Peyğəmbərlərin bəzisinin bəzisindən üstün olması: Bu cümlə müşriklərin “başqa adam yox idi, Allah yetim Mühəmmədi peyğəmbər seçdi? Necə oldu ki, o, peyğəmbərlərin sonuncusu təyin edildi?” məzmunlu təhqirlərinə cavab idi. Quran bunun heç də təəccüblü bir şey olmadığını buyurur. Belə ki, Allah hər bir insanın dəyərindən xəbərdardır, Öz peyğəmbərlərini insanların arasından seçir, bəzisni bəzisindən üstün edir. O, İbrahimi Xəlilullah, Musanı Kəlimullah, İsanı Ruhullah, İslam peyğəmbərini isə Həbibullah təyin etmiş və Öz hikməti ilə bəzisini bəzisindən üstün etmişdir[23]. Davudun (ə) Zəburu: Bütün peyğəmbərlərin arasından Davudun (ə), səmavi kitabların arasından isə Zəburun seçilməsi aşağıdakı səbəblərlə izah edilə bilər: 1. Davudun (ə) Zəburu başdan-başa minacat, yalvarış, nəsihətdir. Yəni kitablar arasında əvvəlki ayələrdə yer almış “gözəl danışsınlar” göstərişinə daha uyğun gələn kitab odur. 2. Davudun Zəburunda maddi cəhətdən yoxsul, kasıb, yetim olmalarına baxmayaraq saleh və yaxşı insanların hakim olacağından xəbər verilmişdir. Bu məsələyə “Ənbiya” surəsinin 105-ci ayəsi və bu gün əlimizdə olan Zəburda işarə edilmişdir[24]. Onlar özləri yaxın olmaq üçün vasitə axtarırlar: Allah-taala əvvəlki ayədə buyurur ki, müşriklərin məbudları hər hansı çətinliyi sizdən nə uzaqlaşdırmağa, nə də onda dəyişiklik yaratmağa qadirdirlər. Bu ayədə isə məbud hesab edilənlərin bir çoxunun (İsa Məsih və ya digər saleh bəndələr, mələklər və s.) təkallahlı olduğu, Allaha yaxınlaşmaq üçün vasitə axtardığı, Allahın rəhmətinə ümid bəslədiyi və əzabından qorxduğu buyurulmuşdur. Onlar Allah dərgahına möhtac olduqları halda, Allahdan necə ayrı və müstəqil ola, Onun izn və icazəsi olmadan sizin hər hansı probleminizi həll edə bilərlər?[25] Bizim möcüzələr göndər­­məyi dayandırmağımıza səbəb ancaq əvvəlkilərin onları yalan hesab etməsi oldu. Səmud tayfasına aydınlıq gətirən bir dişi dəvə verdik, ancaq onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk. (Xatırla!) Bir zaman Biz sənə: “Rəbbin insanları tam əhatə etmişdir”– demişdik. Bizim sənə göstərdiyimiz yuxu, habelə Quranda haqqında danışdığımız lənətlənmiş ağac insanları sınaqdan keçirmək üçün idi. Biz onları qorxuduruq, ancaq onlarda artan yalnız böyük azğınlıq olur. (Xatırla!) Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– dedik. İblisdən başqa ha­mısı səcdə etdi. O dedi: “Mən Sənin torpaqdan yaratdığınamı səcdə edim?!” (Sonra) dedi: “Mənə de görüm, (hansı səbəbdən) bunu məndən üstün tutdun? Əgər Qiyamət gününə qədər məni həyatda saxlasan, az bir qismindən başqa onun bütün övladlarını yoldan çıxaracağam, kökünü kəsəcəyəm. Buyurdu: “Get! Onlardan kim sənə tabe olsa, cəzanız Cəhənnəmdir. Özü də yetərincə bir cəza. Onlardan gücün çatdığını səsinlə təhrik et, atlı və piyada qoşununu onların üzərinə göndər, mallarına və övladlarına şərik ol, başlarını vədlərlə qarışdır. Ancaq Şeytan onlara yalnız yalan vədlər verər. Əslində, Mənim qullarım üzərində sənin hökmün olmayacaqdır. Rəbbinin onları qoruması kifayətdir”. Nemətindən bəhrələnəsiniz deyə dənizdə gəmini sizin üçün hərəkətə gətirən Rəbbinizdir. O, sizə qarşı rəhimlidir. —————————————————————————————- Peyğəmbərin (s) yuxusu və lənətlənmiş ağac: Təfsirçilər “Peyğəmbərə göstərilmiş yuxu”, habelə “Quranda lənətlənmiş ağac” barəsində müxtəlif fikirlər irəli sürmüşlər. Ancaq Quran ayələri və Əhli-beyt (ə) hədislərinə daha çox uyğun gələn nəzər Peyğəmbərin (s) gördüyü məşhur yuxuya əsaslanır. Bir gün Peyğəmbər (s) yuxuda meymunların onun minbərinə çıxıb-düşdüklərini görür. Peyğəmbər (s) bu yuxudan sonra çox narahatlıq hissi keçirir, qəm-qssəyə batır, o gündən sonra çox az gülür. Bu yuxu Əməvilərin hakimiyyətə gələcəyinə, onların bir-birinin ardınca peyğəmbər minbərinə çıxacağına işarə edirdi. Əməvi hakimləri şəxsiyyətsiz, İslam hökumətini və Allah rəsulunun (s) canişinliyini cinayətkar bir rejimə çevirmiş insanlar olmuşlar. Əksər şiə və sünni təfsirlərində “lənətlənmiş ağac” deyilərkən Əməvilər sülaləsinin nəzərdə tutulduğu qeyd edilmişdir. Bu izah Peyğəmbərin (s) yuxusu ilə bağlı təqdim edilmiş izaha uyğundur. Soruşula bilər ki, Əməvilərin çirkin ağacı Quranın harasında lənətlənmişdir? “İbrahim” surəsinin 36-cı ayəsində pis ağacdan söhbət açılmışdır. Ayədə pis ağac ifadəsinin ehtiva etdiyi məzmuna, həmin ayədə Əməvilər sülaləsinin nəzərdə tutulduğunu ifadə edən hədislərə, məna baxımından “pis” sözü ilə lənətlənmiş sözünün qarşılıqlı əlaqəsinə əsasən deyə bilərik ki, Quranın məhz həmin ayəsində burada sözükeçən lənətlənmiş ağaca işarə edilmişdir[26]. 64-65. Şeytan insanlar üzərində hökmranlıq edirmi? Bu ayədə Allah Şeytana əmr edir ki, ona tabe olan insanları haqq yoldan çıxarsın və bütün gücünü bu yolda sərf etsin. Əlbəttə, bu əmr “təhdid” xarakteri daşıyır. Məsələn, yola gəlməyən və itaətsizlik göstərən birinə belə deyilir: “Get, nə istəyirsən, et!” Ancaq Allah Şeytanın qarşısına planının icrasına başlamazdan əvvəl sədd çəkir və elə ilk başlanğıcda buyurur: “Sənə tabe olan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz!”[27] Habelə “Nəhl” surəsinin 99-100-cü ayələrində də bu barədə belə buyurulmuşdur: “Onun iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir.”[28] Şeytan azğınlar sürüsünün çobanıdır: “Onlardan gücün çatdığını səsinlə təhrik et” cümləsində Şeytanın batil vəsvəsələri ilə onun ardınca gedənlər məzəmmət edilmişdir. Sanki Allah Şeyatnı çobana, ardıcıllarını isə çobanın heç bir məna ifadə etməyən məzmunsuz səsi ilə yola düşən sürüyə bənzətmişdir. Sürü onun nə dediyini, nə istədiyini və onları hara apardığını başa düşmədən yola düşür[29]. Şeytanın piyada və atlı qoşunu: Əslində, bu ifadə məcazi məna daşıyır. Belə ki, insanları yoldan çıxarmaq üçün Şeytanın öz cinsindən və insanlardan ibarət silahdaşları vardır. Bəziləri bu işdə atlı kimi sürətli, bəziləri isə piyada kimi astagəldir[30]. Şeytan insanların mallarına və övladlarına necə şərik olur: Şeytanın insanların mallarına və övladlarına şərikliyi deyilərkən onların faydalarından pay götürməsi nəzərdə tutulur. Məsələn, insan Şeytanın vəsvəsəsinə uyur, təbii ehtiyacı olan və halal yolla qazana biləcəyi malı haramla əldə edir. Belə olan halda həm insan öz istədiyinə çatmış olur, həm də Şeytan. Halal yolla övlad sahibi ola biləcəyi halda Şeytanın vəsvəsəsinə uyub ona haram yolla sahib olan və ya halal övladını Allah istədiyi kimi tərbiyə etməyən şəxs Şeytana kömək etmiş və onu övladına ortaq etmişdir. Buna görə də Quran Şeytan yoluna sərf edilən sərvət və övladda Şeytanın insana ortaq olduğunu buyurur[31]. Dənizdə bir çətinliklə qarşılaşdığınız zaman Ondan başqa çağırdıqlarınızı unudursunuz. Sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. İnsan çox nankordur! (Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə çınqıl tufanı göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz. Biz, Adəm övladlarını hörmətli etdik, onları quruda və dənizdə (miniklərlə) daşıdıq, pak nemətlərdən onlara ruzi verdik və onları yaratdıqlarımızın çoxundan üstün elədik. O gün bütün insanları öz rəhbəri ilə birlikdə çağıracağıq. Əməl dəftəri sağ əlinə verilənlər onu (sevinə-sevinə) oxuyacaq və onlara xurma çəyirdəyindəyinin kəsiyindəki tel qədər zülm edilməyəcəkdir. Bu dünyada kor olan (haqqı görə bilməyən) kəs axirətdə də kor və daha azğın olacaq. Ondan (ilahi vəhydən) qeyrisini bizə aid edəsən deyə, az qalmışdı ki, səni, sənə vəhy etdiyimizdən sapdırsınlar və bu halda səni özlərinə dost seçsinlər. Əgər Biz səni (məsumluğun və günahsızlığın sayəsində) sabit saxlamasaydıq, əlbəttə, azacıq onlara meyl edəcəkdin. Əgər belə etsəydin, sənə həyat və ölümdən sonrakı əzabı ikiqat daddırardıq. Sonra Bizə qarşı özünə bir köməkçi də tapa bilməzdin. ———————————————————————————– İnsan Allahın yaratdığı ən üstün varlıqdır: Bu ayəyə əsasən insan yaranmışların çoxundan üstündür. Görəsən insan mələklərdən də üstündür? Təfsirçilər bu suala müxtəlif cavablar vermişlər. Ancaq böyük ehtimalla ayənin nəzər nöqtəsi ümumiyyətlə, məlkələrin insandan və ya insanın mələkdən üstün olması məsələsi deyil. Ayənin əsas məqsədi insanın heyvanlardan və cinlərdən üstün olduğunu çatdırmaqdır. “Mələk üstündür, yoxsa insan?” sualına gəldikdə isə, deməliyik ki, məqamca mələk adi bir insandan üstündür. Çünki onlar paklıq, təmizlik və ixlasın yüksək zirvəsindədirlər. Buna görə də özünü çirkin xüsusiyyətlərdən təmizləməmiş insandan üstündürlər. Lakin insan Allahın təyin etdiyi kamillik yolu ilə irəliləyərsə, hətta mələklərin belə çata bilmədiyi məqama yüksələ bilər. Belə ki, mələklərin kamil insan nümunəsi olan Adəmin (ə) qarşısında təzim edib təvazökarlıq göstərməsindən xəbər verən Quran ayəsi bu fikiri açıq şəkildə təsdiq edir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah-taala mələklərə ağil verib şəhvət vermədi, heyvanlara şəhvət verib ağıl vermədi, insanlara isə hər ikisini verdi. Ağılı şəhvətinə qalib gələn insan mələkdən üstün, şəhvəti ağılına qalib gələn isə heyvanlardan aşağı olar.”[32] Rəhbərlik və onun insan həyatındakı rolu: Ayənin başlanğıcında rəhbərlik və onun insan həyatındakı roluna işarə edilmişdir. Bu ayəyə əsasən peyğəmbərlər və onların canişinlərinin rəhbərliyini qəbul edənlər öz rəhbərləri ilə, Şeytan və azğın rəhbərləri özlərinə rəhbər seçənlər isə onlarla olacaqlar. Xülasə, bu dünyada olan rəhbərlik və ardıcıllıq əlaqəsi o dünyada özünü tam şəkildə əks etdirəcək. Nicat tapanlar və əzaba düçar olanlar məhz bu prinsip əsasında müəyyən ediləcək. Burada insanın kamilləşməsi üçün zəruri olan vasitələrdən birinə işarə edilməklə yanaşı, insanlara rəhbərlik seçimində çox diqqətli olmaq, öz fikir və idarəçilik proqramını hər adamın da əlinə verməmək xəbərdarlığı verilir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Siz Allaha təşəkkür etmirsiniz? Qiyamət günü Allah hər bir dəstəni seçdiyi rəhbərlə çağıracaq. Bizi də Peyğəmbərlə çağıracaq. Həmin vaxt siz bizə pənah gətirəcəksiniz. Hara baxırsınız? And olsun Kəbənin Allahına, sizi Cənnətə doğru aparacaqlar (bu cümləni üç dəfə təkrar etdi).”[33] 73-75. Zəif müsəlmanların uzaqlaşdırılmasını istəyən müşriklər: Bu ayənin nazilolma səbəbindən bəhs edən hədislərdə belə qeyd edilmişdir: Qullarla birlikdə oturub Allahın ayələrini dinləməyi özlərinə ar bilən müşriklər Peyğəmbərə (s) belə bir təklif verirlər: Bizim tanrılarımız haqqında xoşlamadığımız sözlər demə, İslamı qəbul etmiş zəif və şəxsiyyətsiz kölə və kənizləri özündən uzaqlaşdır”. Bu ayə həmin vaxt nazil olmuşdur. Əlbəttə, Allah-taala 74-cü ayədə Öz peyğəmbərini bəxş etdiyi məsumluq və günahsızlıq sayəsində müşriklərə meyl etməkdən qoruduğunu və onların təklifləri qarşısında heç bir müsbət reaksiya göstərmədiyini buyurur[34]. Az qalmışdı ki, səni sıxışdırıb bu yurddan çıxarsınlar. Əgər belə etsəydilər, səndən sonra yalnız az bir müddət qalardılar. Bu, səndən əvvəl göndərdiyimiz peyğəmbərlərin sünnəsidir. Sən Bizim qayda-qanunlarımızda heç bir dəyişiklik tapa bilməzsən. Gün günortadan qüruba doğru meyl edəndən gecənin qaranlığınadək (gecə yarısınadək) namaz qıl və dan yeri sökülərkən oxunulanı (sübh namazını da)! Çünki dan yeri sökülərkən oxunulan (sübh namazı gecə və gündüz mələkləri tərəfindən) müşahidə ediləndir. Gecənin bir vaxtı (yuxudan oyanıb) Quran oxu (namaz qıl). Bu sənin üçün əlavə bir vəzifədir. Ümid var ki, Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin. De: “Ey Rəbbim! Məni daxil olacağım yerə düzgünlüklə daxil et; məni çıxacağım yerdən də düzgünlüklə çıxart. Öz tərəfindən mənə yardım edən bir dəlil ver!” De: “Haqq gəldi, batil məhv oldu. Həqiqətən də batil məhvə məhkumdur!” Qurandan şəfa və rəhmət olanı möminlərə nazil edirik. Zalımların isə ancaq ziyanını artırır. İnsana nemət verdiyimiz zaman (haqdan) üz çevirib təkəbbürlə uzaqlaşır. Ona bir zərər toxunduqda isə məyus olur. De: “Hər kəs öz xislətinə uyğun davranır. Rəbbiniz isə yolları daha gözəl olan şəxsləri daha yaxşı tanıyır. Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. Əgər istəsək, sənə vəhy etdiyimizi səndən alarıq. Sonra Bizə qarşı özünə himayəçi tapa bilməzsən. —————————————————————————————– Ruh nədir? Bu sözün Quranda işlənmə kontekstləri müxtəlifdir. Bəzən peyğəmbərlərə öz missiyalarını yerinə yetirməkdə dəstək olan Müqəddəs ruh (Bəqərə – 253), bəzən möminə güc verən gözəgörünməz ilahi – mənəvi qüvvə (Mücadələ – 22), bəzən xüsusi “əmin” (əmanətdar) xüsusiyyəti ilə səciyyələndirilən vəhy mələyi (Şüəra – 193), bəzən Allahın xüsusi mələyi və ya ən böyük varlıq (Nəbə – 38, Qədr – 4), bəzən Quran və səmavi vəhy (Şura – 53), bəzən insanın ruhu (Səcdə – 9, Hicr – 29) mənalarında işlənmişdir. Ayənin kontekstindən və kontekstlə əlaqəsi olan faktlardan belə başa düşülür ki, sual verənlər bizi heyvanlardan fərqləndirən, ən böyük şərəfimiz, bütün güc və fəaliyyətlərimizin mənbəyi olan, sayəsində bütün yer və göylərə meydan oxuduğumuz, elmlərə yiyələnib, mövcudat aləminin mahiyyətinə vardığımız əzəmətli ruhumuzun həqiqəti haqqında soruşmuşlar. Onlar bu yaranış aləminin qəribə fenomeninin həqqətini öyrənmək istəyirdilər. Çünki ruh maddənin malik olduğu quruluşdan fərqli bir quruluşa malikdir, ona hakim olan qanunlar maddəyə hakim olan qanunlardan, fiziki və kimyəvi xüsusiyyətlərdən fərqlidir. Peyğəmbərə (s) bu suala qısa və konret olaraq “ruh Rəbbimin əmrindəndir”, – deyə cavab verməsi əmr edilir. Yəni o, sirli varlıqdır. Bu cavab soruşanlarda təəccüb doğurmaması üçün “sizə çox az bilik verilmişdir”, – deyə əlavə edilmişdir. Buna görə də sizə hər şeydən yaxın olmasına baxmayaraq, ruhun sirlərindən xəbərdar olmamağınız təəccüblü deyil. İmam Baqir (ə) və İmam Sadiqə (ə) aid edilən bir hədisdə bu ayə haqqında belə buyurulduğunu oxuyuruq: “Ruh Allahın yaratdığı, görə bilən, gücü olan və köməklik göstərən varlıqlardandır. Allah onu peyğəmbərlər və imamların qəlbinə lütf edib.” Bu imamlardan birinə aid edilən hədislərin birində belə deyilir: “Ruh mələklər aləmindən və Allahın qüdrətindəndir.” Bəzi hədislərdə ruhun Mikail (ə) və Cəbraildən (ə) daha böyük bir varlıq olduğu, hər zaman peyğəmbərlər və imamların yanında olduğu, onlara öz vəzifələrində köməklik göstərdiyi, vəzifələrini yerinə yetirərkən sapmalardan qoruduğu qeyd edilmişdir. Bu hədislər ayənin təfsiri ilə bağlı qeyd etdiyimiz fikirlə təzad təşkil etmir, əksinə, onunla üst-üstə düşür. Çünki insanın ruhunun dərəcələri var. Ruhun peyğəmbər və imamlarda olan dərəcəsi onun ən yüksək dərəcəsidir. Ruhun bu dərəcəsi aid olduğu insanı xəta və günahdan qoruyur. Bu ruh qeyri-adi elm və biliyə malikdir. Şübhəsiz ki, ruhun bu dərəcəsi bütün mələklərdən, hətta Cəbrail (ə) və Mikaildən da üstündür[35]. Əlbəttə, bəzi təfsirçilər Quran ayələri və bu ayənin nazilolma səbəbinə əsaslanaraq, onun yəhudilər haqqında nazil olduğunu bildirmişlər. Yəhudilər, ya da ən azı Peyğəmbərin (s) müasiri olan yəhudilər Cəbraili (ə) özlərinə düşmən hesab edir, onu əzab mələyi adlandırırdılar. Hətta iddia edirdilər ki, Allah ona peyğəmbərliyi İsrail övladlarına çatdırmasını əmr etdiyi halda, o, əmrdən çıxaraq peyğəmbərliyi İsmailin (ə) övladlarına gətirmişdi. Bu inanca, xüsusilə sualı hazırlayanların Cəbraillə (ə) bağlı fərqli düşüncəyə malik olan, onu əzab məmuru hesab edən, İsrail oğullarının hakimiyyətinin Büxtünnəsr tərəfindən süquta uğradılacağını xəbər verən bir xəbərçi olduğuna inanan, peyğəmbərlik məsələsində xəyanət etdiyini iddia edən yəhudilər olduğuna əsasən deyə bilərik ki, onlar sual verərkən Ruhul-əmini nəzərdə tutur və Peyğəmbərin (s) onunla bağlı fikrini öyrənmək, mövqelərinə uyğun cavab verəcəyi təqdirdə ondan faydalanmaq, əks təqdirdə ona qarşı çıxmağı düşünürdülər. Yəhudilər bu məqsədlə qüreyşlilərə ruh haqqında sual verməyi öyrədirlər. Bu faktlara əsasən deyə bilərik ki, ayədə sual obyekti olan ruh yəhudilərin özlərinə düşmən hesab etdiyi Cəbraildir (ə). “Ruh Rəbbimin əmrindəndir” cümləsinin təfsiri çox aydındır. O da budur ki, vəhy əmanətdarı Allahın məmurlarındandır, o, nə iş görürsə, Allahın əmri ilə edir. Əgər hər hansı bir qövmü məhv edirsə və ya həzrət Mühəmmədi (s) peyğəmbər missiyası ilə şərəfləndirirsə, Allahın izni və əmri ilə edir. Buna görə də ona düşmən olmaq və onunla düşmənçiliyə qalxmaq əsassızdır[36]. Ancaq Rəbbinin mərhəməti (səni əhatə etməsəydi,) Onun sənə olan lütfü böyükdür. De: “Əgər insanlar və cinlər bu Quranın bənzərini gətirmək üçün birləşsələr, bir-birinə kömək etsələr də onun bənzərini gətirə bilməzlər”. Biz bu Quranda insanlar üçün hər şey haqqında məsəl çəkdik. Lakin insanların çoxu yalnız inkarı (Allahı inkar etməyi) seçdi. Onlar dedilər: “Bizə (quru) yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik; və ya ortasından çaylar axıdacağın xurma və üzüm bağın olmayınca; yaxud, güman etdiyin kimi, göyün parçalarını üstümüzə yağdırmayınca və ya Allahı və mələkləri qarşımıza gətirməyincə; yaxud qızıldan bəzənmiş bir evin olmayınca; ya göyə qalxmayınca (biz sənə inanmayacağıq). Hətta göyə qalxsan da, bizə oxuyacağımız bir məktub endirməsən, inanmayacağıq”. De: “Rəbbim pak və müqəddəsdir! Mən isə yalnız Allahın bir elçisiyəm”. İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu. De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, onlara bir mələyi elçi göndərərdik”. De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Çünki O, qullarından xəbərdardır, görəndir”. ————————————————————————————— 88-89. İnsanların və cinlərin yarada bilməyəcəyi kitab: Bu ayə açıq şəkildə kiçiyindən böyüyünə qədər bütün insanları, ərəb və qeyri-ərəbləri, insanları və insandan başqa şüuru olan bütün varlıqları, alimləri, filosofları, ədibləri, tarixçiləri, dahi və qeyri-dahiləri istisnasız olaraq Quranla debata çağırır. Ayədə deyilir ki, əgər Quranın Allah tərəfindən nazil olduğunu, insan beyninin məhsulu olduğunu düşünürsünüzsə, onun bənzərini gətirin, əgər bütün səy və fəaliyyətlərinizin nəticə vermədiyini və aciz qaldığınızı görsəniz, Quranın ən yaxşı möcüzə olması sizə aydın olar. Kəlam alimlərinin debata çağırış adlandırdıqları bu cür qarşılaşma çağırışı hər bir möcüzənin əsaslarından biri hesab edilir. Belə bir ifadənin işləndiyi bütün mövzular həmin mövzunun möcüzə olduğundan xəbər verir. 89-cu ayədə Quran möcüzələrindən biri, yəni onun universal və əhatəli olmasından xəbər verilir. Doğrusu, Qurandakı mövzuların müxtəlifliyi, xüsusilədə onun dərs oxumamış bir adam tərəfindən gətirilməsi insanı çox heyrətləndirir. O, qətiyyətli əqli dəlillərə, mətin hökmlərə, analoqu olmayan, insanı heyrətə salan, ayıldıcı tarixi mövzulara, yüksək səviyyəli etik məzmunlara malikdir. Onda xürafatdan heç bir əsər-əlamət yoxdur, qeyri-adi və çox dəqiq elmi mövzuları ehtiva edir. Xülasə, Quran söz açdığı bütün sahələrdə ən ali nümunələri təqdim etmişdir. İnsanın məlumatlarının məhdudluğu, eyni zamanda Peyğəmbərin (s) yaşadığı mühitin məhdud elm və bilik çərçivəsinin əhatə edə bilməyəcəyi məlumatların, o cümlədən tövhid, əxlaq, sosial, siyasi, hərbi sahələrdə təqdim etdiyi müxtəlif məzmunların Quranda yer alması onun insan beyninin məhsulu deyil, Allah tərəfindən göndərilən bir kitab olduğundan xəbər vermirmi? Buna görə də bütün insanlar və cinlər onun bənzərini gətirmək üçün bir yerə toplaşsalar da bunu etməyə gücləri çatmaz. Fərz edək ki, müasir dövrün ayrı-ayrı elm sahələri üzrə bütün mütəxəssis və alimləri bir yerə toplaşıb bir ensiklopediya yazır və onu ən yüksək şəkildə tərtib edirlər. Bu toplu müasir dövr üçün əhatəli bir mənbə ola bilər, ancaq şübhəsiz ki, əlli ildən sonra təkcə nöqsanlı olması deyil, köhnəlməsi ilə də diqqət çəkəcək. Halbuki Quran hər bir zaman üçün təzədir, sanki bu gün nazil olub, zamanı keçmiş heç nəyi yoxdur[37]. 94-95. Peyğəmbərlə insanların eyni mahiyyətə malik olması: Keçən ayələrdə müşriklərin tövhidlə bağlı söylədikləri bəhanələrindən söz açılmışdır. Bu ayədə də onların standart bəhanəsinə işarə edilmişdir: “İnsanlara doğru yolu göstərən bələdçi gəldikdən sonra onların iman gətirməsinə ancaq: “Allah bir insanımı elçi göndərdi?”– demələri mane oldu.” Belə bir yüksək vəzifənin və mühüm məsuliyyətin insana verildiyinə inanmaq olarmı? Öhdəsindən yaxşı gəlməsi üçün belə bir böyük missiyanın insandan daha yüksək olan mələk kimi bir varlığa həvalə edilməsi yaxşı olmazdımı? Bu zəif və əsassız məntiq bir və ya iki qrupa aid bir məntiq deyildi, imanı olmayan insanların çoxu tarix boyü peyğəmbərlərə bu şablon fikirlə etiraz etmişlər. Quran çox qısa, aydın və mənalı bir cümlə ilə onlara cavab verir: “De: “Əgər yer üzündə arxayın gəzib dolaşanlar mələklər olsaydı, onlara bir mələyi elçi göndərərdik.” Yəni bələdçi rəhbər ardıcılları ilə eyni cinsdən olmalıdır. İnsanlara rəhbərliyi insan, mələklərə rəhbərliyi mələk etməlidir. Rəhbər və ardıcılların eyni mahiyyət daşıyıcısı olması aydın məsələdir. Çünki bir rəhbərin təbliğatının ən mühüm hissəsini elm və bu sahədə örnək ola bilmə bacarığı təşkil edir. Onun öz ardıcıllarına örnək ola bilməsi üçün ardıcıllarının malik olduğu instinktlərə, hisslərə və ruha malik olması şərtdir. Əks təqdirdə, cinsi ehtirası, insanların malik olduğu digər instinktləri olmayan, habelə geyim, məskən və qidaya ehtiyacı olmayan bir mələk paklıq, təmizlik və dindarlıqda insanlara əsla örnək ola bilməz. İnsanlar deyər ki, onun bizim qəlbimizdən, ehtiras və qəzəb nəticəsində ruhumuzda tüğyan edən tufanlardan xəbəri yoxdur… O, yalnız öz qəlbinə uyğun danışır, bizim hisslərimiz onda da olsaydı, bizim kimi, hətta bizdən də pis olardı. Ardıcıllarının dərdlərinə əlac etmək, problemlərinin həll yolunu göstərmək üçün liderin öz ardıcıllarının dərdlərini və ehtiyaclarını dərk etməsi zəruridir. Buna görə peyğəmbərlər insanların öz aralarından seçilir, həyatın bütün acılarını dadmaq, acı həqiqətləri hiss etmək, özlərini insanların dərdlərinə əlac etməyə hazırlamaq üçün adətən həyatın ən çətin və dözülməz anlarını yaşayırlar[38].   Allah kimi doğru yola yönəldərsə, həqiqi doğru yola yönəlmiş odur. Kimi azdırarsa, ona Ondan başqa yönləndirici və rəhbər tapa bilməzsən. Qiyamət günü Biz onları üzü üstə, kor, lal və kar olduqları halda bir yerə toplayacağıq. Onların məskəni Cəhənnəmdir. Odları azaldıqda onlara yeni alov əlavə edəcəyik. Bu, ayələrimizi inkar etdiklərinə və: “Məgər biz çürümüş sümüklər və dağınıq torpaq olduğumuz halda, təzədən yeni bir məxluq olaraq qaldırılacağıq?”– dediklərinə görə onların cəzasıdır. Məgər göyləri və yeri yaradan Allahın onlar kimisini yaratmağa qadir olduğunu bilmirlərmi? Allah onlar üçün heç bir şəkk-şübhə olmayan qəti bir əcəl müəyyən etmişdir. Zalımlar isə küfr və inkardan başqa bir şey qəbul etmədilər. De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”. Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; Musa onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin dəli (ya sehrbaz) olduğunu güman edirəm”– demişdi. (Musa) dedi: “Sən bilirsən ki, bu möcüzələri yalnız göylərin və yerin Rəbbi ürəklərə işıq bəxş etmək üçün göndərmişdir. Ey Firon, mən güman edirəm ki, sən tezliklə məhv olacaqsan.” (Firon) onları bu diyardan qovub çıxartmaq istədi. Biz isə onu və onunla birlikdə olanların hamısını (suda) batırdıq. Bundan sonra İsrail oğullarına: “Bu yerdə (Misir və Şamda) yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı toplayacağıq”– dedik. —————————————————————————————- 100. Səxavətin savabı: “Qətur” mənası həddən artıq az xərcləmək və xəsislik olan “qətr” sözünün mübaliğə formasıdır. Quranın çox ayələrində insan heç bir qeyd-şərtsiz məzəmmət edilmiş, paxıllıq, nadanlıq, zalımlıq, tələskənlik və sair xüsusiyyətlərlə səciyyələndirilmişdir. Qeyd olunan səciyyələndirmənin möminlərə heç bir aidiyyatı yoxdur. Burada sadəcə, insanın təbiətinə işarə edilmşdir. Yəni ilahi rəhbərlər vasitəsilə tərbiyə olunmamış, başlı-başına buraxılmış insanın bu çirkin xüsusiyyətləri qəbul etmə təhlükəsi daha yüksək olur. Əslində, insan belə yaradılmamış, və bütün insanların sonu da belə olmayacaqdır[39]. Məsumların (ə) hədislərində səxavət haqqında yüksək fikirlər söyləndiyinə, paxıllıq və xəsisliyin pisləndiyinə çox təsadüf edilir. Peyğəmbər (s) buyurmuşdur: “Səxavət budaqları dünyaya doğru sallanmış Cənnət ağacıdır. Allah yolunda xərcləyərək, bəxşişlər verərək ondan yapışan hər kəsi Cənnətə doğru çəkər. Xəsislik isə Cəhənnəm ağacıdır. Allah yolunda xərcləməkdən və yaxşılıq etməkdən imtina etməklə ondan yapışan hər kəsi Cəhənnəmə doğru dartar. İmam Sadiq (ə) buyurmuşdur: “Günakar səxavətli gənc Allaha xəsis abiddən daha yaxındır.” Xəsislik xəstəliyinin əlacı daha çox xərcləməkdədir. İnsan o qədər çox xərcləməlidir ki, səxavət onda vərdiş halını alsın[40]. Firon və qoşunları batmazdan əvvəl Musanın (ə) göstərdiyi möcüzələr: Quranda həzrət Musanın (ə) doqquz möcüzəsindən söz açılmışdır. Bu ayədə Firon və qoşunlarının məhv olmasından əvvəl gerçəkləşmiş möcüzələrə işarə eidlmişdir: 1. Həzrət Musanın (ə) əsasının böyük ilana çevrilməsi; 2. Bəmbəyaz əl: həzrət Musa (ə) əlini yaxasına salıb çıxartdıqdan sonra əli günəş kimi parlayırdı. (Bu iki möcüzəyə “Qəsəs” surəsinin 3-ci ayəsində işarə edilmişdir.) 3. Dağıdıcı tufanlar; 4. Firon və tərəfdarlarının tarlalarına və bağlarına daraşmış çəritkələr; 5. Onların dənli bitkilərini məhv edən bitki xəstəliyi; 6. Qurbağaların Nildən çıxması və həyatı onlar üçün dözülməz və yaşanmaz edəcək qədər çoxalması; 7. Qan: Firon tərəfdarlarının içməli suları qana döndü. (Bu beş möcüzəyə “Əraf” surəsinin 133-cü ayəsində işarə edilmişdir.) 8. Qıtlıq və quraqlıq; 9. Meyvə qıtlığı. (Bu iki möcüzəyə “Əraf” surəsinin 130-cu ayəsində işarə edilmişdir)[41].   Biz Quranı haqq olaraq nazil etdik, o da haqq olaraq nazil oldu. Səni yalnız müjdə verən və qorxudan olaraq göndərdik. İnsanlara hissə-hissə oxuyasan deyə, ayələrini bir-birindən ayırdığımız Quranı tədriclə nazil etdik. De: “İstər ona inanın, istərsə də inanmayın. (Bu ayələr) ondan əvvəl elm verilmiş kimsələrə oxunduğu zaman üz üstə səcdəyə qapanır və: “Vədləri, mütləq, gerçəkləşən Rəbbimiz pak və müqəddəsdir!”– deyirlər. Onlar (qeyri-ixtiyari) üzüqoylu düşüb ağlayır və (bu ayələri oxumaq) onların itaətini artırır. De: “İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman. Hansı adla çağırırsınız, çağırın, ən gözəl adlar Ona məxsusdur”. Namazını nə çox uca səslə, nə də çox asta səslə qıl. Bunların arasında orta bir yol seç. De: “Həmd Özünə heç bir övlad götürməyən, hakimiyyətində heç bir şəriki olmayan, zəif və aciz qalmamaqdan ötrü heç bir hamiyə ehtiyacı olmayan Allaha məxsusdur!” Onu çox-çox uca tut. [1] Əl-Mizan, c.13, səh.5 [2] Əl-Mizan, c.13, səh.7 [3] Əl-Mizan, c.13, səh.37 [4] Nümunə, c.12, səh.24 [5] Əl-Mizan, c.13, səh.43; Nümunə, c.12, səh.37 [6] Nümunə, c.1, səh.29; Ətyəbül-bəyan, c.8, səh.228 [7] Nümunə, c.12, səh.48 [8] Nümunə, c.12, səh.59 [9] Nümunə, c.12, səh.63 [10] Əl-Mizan ,c.13, səh.79; Nümunə, c.12, səh.79 [11] Əl-Mizan, c.13, səh.97 [12] Əl-Mizan, c.13, səh.83 [13] Nümunə, c.12, səh.101 [14] Nümunə, c.12, səh.102 [15] Nümunə, c.12, səh.107 [16] Nümunə, c.12, səh.116 [17] Təfsiri-Qummi, c.1, əh.410 [18] Nümunə, c.12, səh.126 [19] Nümunə, c.12, səh.130 [20] Əl-Mizan, c.13, səh.104 [21] Nümunə, c.12, səh.133 [22] Nümunə, c.12, səh.157 [23] Nümunə, c.12, səh.161 [24] Nümunə, c.12, səh.161 [25] Əl-Mizan, c.13, səh.128; Nümunə, c.1, səh.162 [26] Nümunə ,c.12, səh.172 [27] Hicr surəsi, 42-ci ayə [28] Ətyəbül-bəyan, c.8, səh.279 [29] Əl-Mizan, c.13, səh.142 [30] Nümunə, c.12, səh.183 [31] Əl-Mizan, c.13, səh.143 [32] Əl-Mizandan iqtibas, c.13, səh.156-161 [33] Nümunə, c.12, səh.200 [34] Əl-Mizan, c.13, səh.169 [35] Nümunə, c.12, səh.250 [36] Mənşuri-cavid,c.3, səh.208 və 215 [37] Nümunə, c.12, səh.273 [38] Nümunə, c.12, səh.289 [39] Nümunə, c.12, səh.301 [40] Ətyəbül-bəyan, c.8, səh. 314 [41] Ətyəbül-bəyan, c.8, səh.314; Nümunə, c.12, səh.309

QURANI KƏRIM 08.02.2025

“Nəhl” surəsi xülasə təfsiri və tərcüməsi

“Nəhl” surəsi Rəhman və Rəhim Allahın adı ilə! (Müşrikləri və günahkarları cəzalanadırmaq üçün) Allahın əmri yetişdi. Ona tələsməyin. Allah müşriklərin Ona qoşduqları ortaqlardan uzaq və ucadır. Öz hökmü ilə qullarından istədiyi hər kəsə mələkləri ruhla göndərib (belə bir göstəriş verir): “İnsanları qorxudub xəbərdar edin ki, Məndən başqa məbud yoxdur. Məndən (Mənə qarşı çıxmaqdan) qorxun!” Göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları ortaqlardan ucadır. O, insanı dəyərsiz nütfədən yaratdı. Sonda özünün açıq-aşkar müdafiəçisinə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün geyim vasitəsi və başqa faydalar vardır. Onların ətindən yeyirsiniz. Onları istirahət etdikləri yerə qaytardıqda və (səhərlər) çölə buraxdıqda onlarda sizin üçün əzəmət və gözəllik vardır. ——————————————————————————— 90-91. Quranı bölənlər: Bu ayənin iki məşhur təfsiri var: Birinci təfsirə görə Quranı bölənlər deyilərkən, Allahın dini və hökmlərini öz mənafelərinə uyğun şəkildə bölüb, xeyirlərinə olanları qəbul edən, zərərlərinə olanı inkar edənlər nəzərdə tutulur[1]. İkinci təfsirə görə bu iki ayə həzrət Mühəmməd (s) peyğəmbərliyə seçildiyi ilk vaxtlar insanları Allah yolundan çəkindirmək üçün Quranı parça-parça edənlər nəzərdə tutulur. Buna görə Allah əzab göndərib onları məhv etmişdi. Bəzi hədislərdə onların Qüreyş tayfasından olduğu qeyd edilmişdir. Bu dəstə Quranı cırıb deyirdi: “Quran sehr-cadu və uydurma əfsanələrdir”. Həcc mövsümündə Məkkəyə giriş yollarında adamlar saxlayıb Məkkəyə gələnlərin Peyğəmbərlə (s) görüşməsinə mane olurdular. Bu surənin 95-ci ayəsindəki istehza edənlər deyilərkən də ola bilsin ki, bu dəstə nəzərdə tutulmuşdur. Bu ayəni izah edərkən həmin dəstənin beş nəfərdən ibarət olduğunu qeyd etmişlər. 95-ci ayə nazil olarkən Peyğəmbər (s) onların xar olacağını və sonda onları ən pis şəkildə öldürəcəyini bilirdi[2]. Peyğəmbərin (s) aşkar dəvətə başlaması: Yazılanlara görə həzrət Mühəmməd (s) peyğəmbərliyə seçildikdən sonra üç il gizli təblğat aparmışdır. Peyğəmbərə (s) ilk başlanğıcda az sayda adam iman gətirmişdi. Bəlkə də bu say İmam Əli (ə) və həzrət Xədicə ilə məhdudlaşırdı. Sözügedən ayə nazil olduqda Peyğəmbərə (s) dəvətini aşkara çıxarmaq, artıq gizli deyil, aşkarda təbliğat aparmaq göstərişi verildi[3]. “Nəhl” surəsinin ümumi məzmunu: Bu surənin beş mövzunu əhatə etiyini deyə bilərik: 1. Allahın bəxş etdiyi nemətlərin şərh edlməsi; 2. Tövhidlə bağlı dəlillər, Allahın yaratmaq əzəməti, axirət, müşrik və günahkarların təhdid edilməsi; 3. Müxtəlif İslam hökmlərinin bəyan edilməsi, o cümlədən ədalətli olmaq, yaxşılıq etmək, cihad, günah, zülm, haqsızlıq, əhd sındırmaqdan çəkinməklə bağlı əmr, Allahın bəxş etdiyi nemətlərə görə şükür etmək göstərişi; 4. Müşriklərin bidətlərinin qeyd edilməsi; 5. İnsanların Şeytan vəsvəsəsindən qorunmağa çağırılması[4]. İlahi əzabın qətiliyi və müşriklərin ona tələsməsi: Quranın bəzi ayələrində qeyd edilir ki, kafirlər Peyğəmbərin (s) ilahi əzabla bağlı təhdidləri qarşısında inadkarlıq və təkəbbür göstərərək istehza ilə deyirdilər: Əgər dediyin əzab və cəza düzdürsə, bəs nə üçün gəlmir? Allah-taala bu ayədə kafirələrə xitab edərək buyurur: “Əzaba tələsməyin, Allahın kafirlərlərə əzab göndərilməsi ilə bağlı əmri tezliklə gələcək.” Buna görə də ayədə şühudi keçmiş zaman formasından (“yetişdi” feilindən) istifadə edilmişdir. Bu da əzabın qəti və qaçılmaz olduğunu göstərir. Bu formadan Quranda çox istifadə edilir. Ayrı-ayrı ayələrdə gələcəkdə baş verməsi qəti olan işlər şühudi keçmiş zaman forması ilə ifadə edilmişdir. Sanki o, artıq baş vermiş bir hadisə qədər qətidir. “Allahın əmri” deyilərkən Allahın Peyğəmbərə (s) və möminlərə verdiyi vəd nəzərdə tutulur. Həmin vədində Allah müşrikləri təhdid edir, möminlərə kömək ediləcəyini, kafirləri xar və əzaba düçar edəcəyini, dinini aşakar edəcəyini, sonda küfr və şirkin kökünü kəsəcəyini elan edir. Bəzi hədislərdə bu ayədə həzrət Mehdinin (ə) zühuruna işarə edildiyi və ayənin Allahın bu barədə olan əmrinin ən parlaq nümunəsi olduğu qeyd eidlmişdir[5]. Onlar sizin ağır yüklərinizi özünüzün çətinliklə apara biləcəyiniz bir şəhərə daşıyır. Rəbbiniz mərhəmətlidir, rəhimlidir. Atları, qatırları və uzunqulaqları həm minməyiniz, həm də sizə zinət olsun deyə yaratdı. Hələ bilmədiyiniz çox şeylər yaradacaqdır. Doğru yol göstərmək Allaha aiddir. Ancaq bəzi yollar əyridir. Əgər Allah istəsə, sizin hamınızı düz yola yönləndirər. (Ancaq məcburi olduğu üçün faydası yoxdur.) Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də heyvanlarınızı otardığınız bitki və ağaclar üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün aydın dəlil vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etdi. Ulduzlar da Onun əmri ilə sizə ram edilmişdir. Sözsüz ki, bunda ağlını işlədən insanlar üçün əlamətlər vardır. Yer üzündə yaratdığı rəngarəng varlıqları da sizə ram etdi. Bunda xatırlayan insanlar üçün dəlillər vardır. O, təzə ət yeməyiniz və taxmaqdan ötrü zinət əşyaları çıxarmağınız üçün dənizi də sizə ram etdi. Allahın lütfündən faydalanasınız deyə, dənizin bağrını dələn gəmiləri görürsən. Bəlkə Onun nemətlərinə şükür edəsiniz. ————————————————————————————- Doğru yolu göstərmək Allaha aiddir: Əvvəlki ayədə insanın maddi tələbatlarını ödəməsi üçün quruda istifadə etdiyi minik vasitələrindən söhbət açılmışdır. Bu ayədə Allah insanın mənəviyyat yoluna işarə edərək kamilliyə çatması üçün ona yol göstərəcəyini buyurur. Bu istiqamətləndirmə iki vasitə ilə gerçəkləşir: 1. Daxildən insanı yaxşı işlər görməyə və kamilliyə səsləyən fitrət yolu; 2. Xaricdən insanı Allaha doğru dəvət edən peyğəmbərlər və səmavi kitablar. Əlbəttə, bəziləri hesab edə bilər ki, əgər doğru yolu göstərmək Allaha vacibdirsə, bəs onda nə üçün insanlar doğru yolda deyil? Bu, Allahın acizliyindən xəbər vermirmi? Yəni Allah insanları doğru yola yönəldə bilmir. (Allaha sığınırıq bu sözü deməkdən.) Allah-taala belə bir şübhənin yaranmasının qarşısını almaq üçün ayənin sonunda belə buyurur: “Əgər Allah istəsə, sizin hamınızı düz yola yönləndirər.” Bu, o deməkdir ki, Allah bəndələrin doğru yola məcburi deyil, öz seçimləri ilə, ixtiyari şəkildə yönlənməsini istəyir. Başqa sözlə desək, öz ixtiyar və iradələri ilə yaxşı işlər görüb günahlardan çəkinərək ilahi hidayətə layiq görülsünlər. Maraqlıdır ki, bu ayədə Allah insana mənəvi yolu göstərməyi Özünə lazım hesab etmişdir. Halbuki maddi nemətlərlə bağlı belə bir söz deməmişdir. Bu da hidayət nemətinin maddi nemətlərdən daha üstün olduğunu göstərir[6]. Zeytun, xurma və üzümün xüsusiyyətləri: Ortaya belə bir sual çıxa bilər ki, nə üçün Quranda yalnız üç meyvəyə, yəni zeytun, üzüm və xurmaya daha çox əhəmiyyət verilmişdir? Ola bilsin ki, bu, digər meyvələrlə müqayisədə onların daha çox faydalı olması ilə bağlıdır. Bədənin enerji təminatında zeytun yağının çox böyük əhəmiyyəti var, hərarət kalorisi çox yüksəkdir. Buna görə də gücləndirici vasitə hesab edilir. Zeytun yağı həm də qaraciyərin səmimi dostu hesab edilir. Böyrək fəsadlarının, öd daşlarının, böyrək sancılarının, qəbzlərin aradan qaldırılmasında çox faydalıdır. Quranda zeytun ağacı “mübarək ağac” adlandırılmışdır[7]. İmam Həsən (ə) hədislərinin birində belə buyurmuşdur: “Adəm (ə) oğluna vəsiyyət edərkən ona belə buyurmuşdur: Zeytun ye, çünki o, xeyirli və bərəkətli ağaclardandır.”[8] Xurma sümüklərin möhkəmlənməsində əsas rol oynayan zəngin kalsium ehtiyatına, beyinin əsas ünsürlərindən olan, əsəb və yorğunluğun qarşısını alan, görməni yaxşılaşdıran fosfora malikdir. Xurmada olan potasium mədə yarasının meydana gəlməsinin qarşısını alır. Potasium ümumyyətlə bədən əzələləri və toxumaları üçün böyük əhəmiyyət daşıyır. Statistika göstərir ki, xurma istifadəçiləri xərçəng xəstəliynə daha az tutulurlar. Ümumiyyətlə, bu, maqneziumun mövcudluğu ilə bağlıdır. Xurmada mövcud olan şəkər ən yaxşı şəkərlərdəndir. Belə ki, hətta şəkər xəstəsi olanlar da ondan istifadə edə bilərlər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Xurma olmayan evin sakinləri acdır”. Həkimlər üzümü təbii əczaxana hesab edirlər. Üzüm təqribən ana südünün malik olduğu xüsusiyyətlərə malikdir.  Buna görə tam bir qida hesab edilir. Üzüm bədəndə ətdən iki dəfə artıq hərarət yaradır. Bundan başqa, antitoksik keyfiyyətə malikdir. Qanın təmizlənməsi, revmatizm, podaqra, qan cövhərinin çoxluğu xəstəliklərinin müalicəsində çox böyük əhəmiyyəti var. Üzüm mədə-bağırsaq sistemini təmizləyir, stressi azaldır, insana xoş əhval-ruhiyyə bəxş edir. Bu meyvə çox qiymətli qida növü olmaqla yanaşı, mikrobları məhv etmək gücünə malikdir, hətta xərçəng xəstəliyi ilə mübarizədə mühüm rol oynayır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür”[9]. O, sizi silkələməsin deyə, yer üzündə sabit və möhkəm dağlar, düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. (Gecələr) ulduzlar vasitəsilə istiqamətlərini müəyyənləşdirirlər. Yaradan yaratmayan kimidirmi? Xatırlamırsınızmı? Əgər Allahın nemətlərini saymalı olsanız, əsla sayıb qurtara bilməzsiniz. Allah bağışlayandır, rəhm­­lidir. Allah gizli saxladığınızı da, aşkara çıxartdığınızı da bilir. Allahdan başqa çağırdığınız məbudlar heç bir şey yarada bilməzlər. Çünki onlar özləri də yaradılmışlar. Onlar dirilə bilməyəcək ölülərdir və (ibadət edənlərinin) nə vaxt qaldırılacaqlarını da bilmirlər. Sizin məbudunuz tək olan Allahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. Şübhəsiz Allah onların gizli saxladığından da, aşkara çıxartdığından da xəbərdardır. O, təkəbbürlüləri sevmir. Onlardan: “Rəbbiniz nə nazil etmişdir?”– deyə soruşulduqda, onlar: “Bunlar (ilahi vəhy deyil,) keçmişdəkilərin uydurma nağıllarıdır!”– deyərlər. Onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşımalıdırlar. Bilin, onlar pis bir ağır yük daşıyırlar. Onlardan öncəkilər də belə hiylələr qurmuşdular. Lakin Allah onların (həyat) tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara bilmədikləri yerdən gəldi. ————————————————————————————- Yerin qoruyucuları: Bu cümlə Quranın bir neçə yerində təkrar edilmişdir. Ümumiyyətlə, dağların quruluşu elədir ki, onlar kökdən bir-birinə birləşmiş və sanki zireh kimi yer kürəsini əhatə etmişlər. Bu da yeraltı qazların təzyiqi nəticəsində hər an baş vermə ehtimalı olan təkanların qarşısının alınmasında böyük rol oynayır. Bundan əlavə, dağların xüsusi vəziyyəti yer səthinin ayın cazibəsi (qabarma və çəkilmə) qarşısındakı müqavimətini artırır və cazibənin təsirini minimuma endirir. Həmçinin o,  güclü tufan və daimi hava axınının yerin  səthinə göstərdiyi böyük təzyiqləri  azaldır. Çünki dağlar olmasaydı, yerin hamar səthi davamlı olaraq güclü küləklərə məruz qalar və onda rahatlığın təsəvvür edilməsi  mümkünsüz olardı[10]. Bu ayədən çayların yaranması ilə dağların meydana gəlməsi arasında əlaqə olduğu başa düşülür. Bütün il boyu axan və susuz əraziləri su ilə təmin edən böyük çaylar dağların zirvəsində qar və buz formasında toplanmış sular sayəsində meydana gəlir. Buna görə də dünyanın böyük dağları mövcud çayların mənbəyi hesab edilir. Bəziləri səhvən düşünə bilər ki, dağlar yerin hissələrini bir-birindən ayırır, gediş-gəlişlərə, yerüstü hərəkətlərə mane olur. Ancaq bu ayədə Allah-taala yollarını azmamaları və mənzil başına çatmaları üçün dağlarda yollar və dərələr yaratdığını buyurmuşdur[11]. Yerdə və göydə olan əlamətlər: Allah öncəki ayədə yol nemətindən söz açmışdır. Yollarda əlamət və nişanlar olmadan insan mənzil başına çata bilmədiyi üçün sonrakı ayədə əlamətlərə işarə etmişdir. Dağ və dərələrin forması, yer kürəsinin eniş və yoxuşları, torpaq və dağların rəngləri və sair insanı azmağa qoymayan əlamətlərdir. Əgər yer üzü bir cür və eyni şəkildə olsaydı, düz yolla hərəkət etmək mümkün olmazdı və insan hər an aza və yolunu qarışdıra bilərdi. Bəzən insanlar gecə vaxtı səhra və ya okeanlarda hərəkət etməli olurlar. Səhra və dənizlərdə bu əlamətlər olmadığı üçün Allah göydəki əlamətləri, yəni ulduzları insanların yardımına göndərir ki, məqsədlərinə çatsınlar. Bu ayələrdə maddi yollar və əlamətlərdən danışılsa da, Quranın bu kontekstdəki bəyanı insanın mənəvi həyatı üçün bir meyar ola bilər. Çünki istənilən müqəddəs hədəfə nail olmaq üçün insanın doğru yol seçməsi zəruridir. Xoşbəxtlik yolunu səhv salmamaq və haqq yoldan sapmamaq üçün əlamət və nişanələrin həyati əhəmiyyəti vardır. Əhli-beyt (ə) hədislərində ayədəki “ulduz” sözü Peyğəmbər (s), “əlamətlər” sözü isə imamlar (ə) kimi yozulmuşdur. Əlbəttə, bu da ayənin mənəvi təfsirinə işarədir[12]. Təkəbbürlülük kafirlərə xas olan xüsusiyyətdir: Quranın bir neçə ayəsində təkəbbür kafirlərə xas olan xüsusiyyət kimi təqdim edilmişdir. Amma burada “təkəbbür” deyilərkən haqq qarşısında təkəbbür və inadkarlıq göstərmək, onu qəbul etməmək nəzərdə tutulur. Bu növ təkəbbür bütün hidayət yollarını insanın üzünə bağlayır və onu bütün ömrü boyu bədbəxtlik, günah və imansızlıq içində saxlayır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “İblis Allahın düşməni, təəssübkeşlərin öndəri, təkəbbürlülərin rəhbəridir”. Buna görə də varlı və yoxsul olmasından asılı olmayaraq haqqı qəbul etməkdən boyun qaçıran hər kəs təkəbbürlü sayılır. Əlbəttə bunu da inkar etmək olmaz ki, insanın haqqı qəbul etməsinə çox vaxt sərvət və var-dövlətin çoxluğu mane olur[13]. Rəhbərlər və ənənə baniləri davamçıların əməllərinə şərikdirlər: Hər hansı bir yaxşı və ya pis işin səbəbləri arasında rəhbərlər, istiqamətləndiricilər və ənənə baniləri çox mühüm rol oynayırlar. Buna görə də Quran ayələri və hədislərdə xeyir və şər istiqamətləndiriciləri davamçılarının mükafat və cəzasında onlara ortaq olduqları qeyd edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Hər kəs düz yola dəvət etsə və ona tabe olsalar, dəvətçi davamçılarının mükafatı mislində mükafata layiq görüləcək və onların mükafatından heç nə əskilməyəcək. Hər kəs yanlış yola dəvət etsə və ona tabe olsalar, dəvətçi davamçılarının cəzası mislində cəzaya layiq görüləcək və onların cəzasından heç nə əskilməyəcək.”[14] Sonra Qiyamət günü Allah onları rüsvay edərək deyəcək: “Mənə qoşduğunuz və haqlarında mübahisə etdiyiniz şəriklər haradadır?” Elm verilmiş şəxslər deyəcəklər: “Bu gün kafirlər rüsvay və bədbəxt olacaqlar!” Mələklər özlərinə zülm etmiş bu şəxslərin canlarını aldıqları zaman onlar təslim olub: “Biz pis bir iş görmürdük!”(– deyəcəklər). Bəli, Allah sizin nələr etdiyinizi bilir. (Onlara deyiləcək:) İndi içində əbədi qalacağınız Cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!” Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (və xoşbəxtlik)!”– deyərlər. Xeyirli işlər görənlər üçün bu dünyada gözəl mükafat var. Axirət yurdu isə ondan da xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar hamısı ağacları altından çaylar axan əbədi Cənnət bağlarına daxil olacaqlar. Orada istədikləri hər şey var. Allah müttəqiləri belə mükafatlandırır. Bunlar həmin şəxslərdir ki, mələklər onların canını tərtəmiz olduqları halda, alıb deyərlər: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə Cənnətə girin!” Yoxsa (kafirlər) mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? (Gözləyirlər ki, onlar gəldikdən sonra tövbə etsinlər? Ancaq həmin vaxt etdikləri tövbənin heç bir əhəmiyyəti yoxdur.) Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri-özlərinə zülm edirdilər. Nəhayət, törətdikləri əməllərin acı nəticələri onlara nəsib oldu və istehza etdikləri (əzab) onları yaxaladı. ————————————————————————————— Elm verilmiş şəxslər: Quranın bu və digər ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, “elm verilmiş şəxslər” deyilərkən Allahın tək olduğuna əminliklə inanan, tövhid həqiqətinə varmış, habelə xəta və nöqsandan uzaq olan məsum şəxslər nəzərdə tutulur. Buna görə də Qiyamət günü onlara danışmaq icazəsi veriləcək. “Nəbə” surəsinin 38-ci ayəsində Qiyamət haqqında belə buyurulduğunu oxuyuruq: “Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!” Söz yalnız o zaman düz olur ki, onu deyən şəxs xətadan, batildən və əbəs danışıqlardan uzaq olsun. Yalnız o adamın danışığı və dediyi sözlər xəta və nöqsandan tamamilə uzaq ola bilər ki, onu danışan şəxs davranışlarında xəta və nöqsandan tamamilə uzaq olsun. Deməli, elm verilmiş şəxslər yalnız haqqı görən, yalnız həqiqəti danışan və yalnız doğru olanı edən şəxslərdir. Bu, Qurandan əldə edilən bir məzmundur. Bəzi hədislərdə bu şəxslərin məsum imamlar (ə) olduğu qeyd edilmişdir[15]. Faydası olamayan itaətkarlıq: Haqqın tam şahidi olduqdan sonra onu inkar edən az adam tapılar. Buna görə də günahkarlar və zülmkarlar qəflət və qürur pərdələrinin qalxdığı, Bərzəx gözünün açıldığı ölüm astanasında iman gətirdiklərini elan edirlər. Ancaq bu məqamda da müxtəlif sözlər danışırlar. Bəziləri öz çirkin işlərindən imtina edib “biz pis bir iş görmürdük” deyirlər. Bu şəxlsər dünya həyatında o qədər yalan danışıblar ki, yalan artıq onların vücudunun tərkib hissəsinə çevrilib. Onar hətta yalan danışmağın heç bir əhəmiyyət vermədiyi yerdə də yalan danışırlar. Bəziləri peşman olduqlarını etiraf edib dünyaya qayıtmaq istədiklərini bildirirlər (Səcdə surəsi, 12-ci ayə). Bəziləri Firon kimi, sadəcə, iman gətirdiklərini deyirlər (Yunus surəsi, 90-cı ayə). Əlbəttə, bu sözlərin heç biri qəbul edilməyəcək. Çünki artıq gec olacaq. Bu cür iman gətirmə çıxılmazlığın nəticəsi kimi meydana gəldiyi üçün heç bir faydası olmaz[16]. Təqva dünya və axirət xoşbəxtliyinin amilidir: Dünya mükafatı deyilərkən bu dünyada edilən yaxşı işlərə görə verilən mükafat, ədalət və gözəl davranışların hökm sürdüyü sağlam cəmiyyətdən faydalanma, inkişaf və xoşbəxtlik əsasında əldə edilmiş pak və təmiz həyat nəzərdə tutulur. Bu, təqvalıların dünya mükafatıdır. Ancaq onların axirət evi daha yaxşıdır. Çünki onun zövqü bitən deyil, neməti əziyyətsiz əldə edilir, xoşbəxtliyini bədbəxtlik təqib etmir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey Allahın bəndələri! Bəndənin Allahın rəhmət və məğfirətinə ən yaxın olduğu vaxt Allaha itaət etdiyi və ciddiyyətlə tövbə etdiyi vaxtdır. Sizə bütün xeyirləri nəsibiniz edən təqvanı sifariş edirəm. Təqvadan başqa heç nədə xeyir yoxdur. İnsan təqva vasitəsilə dünya və axirət xeyrindən pay alır. Belə ki, Allah-taala buyurmuşdur: “Allahdan qorxub pis əməllərdən çəkinənlər…”[17] Orada istədikləri hər şey var: Demək olar ki, Cənnət nemətlərini təsvir etmək üçün bundan geniş və bundan əhatəli ifadə ola bilməz. Bu ifadə hətta “Zuxruf” surəsinin 71-ci ayəsində olan ifadədən də əhatəli görünür. Həmin ayədə belə buyurulmuşdur: “Cənnətdə ürək istəyən, gözlərin baxmaqdan zövq aldığı hər şey var”[18]. Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan qeyrisinə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” (Bəli,) onlardan əvvəlkilər də eyni şəkildə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq açıq-aşkar təbliğat aparmaq deyilmi? Biz hər ümmətə: “Tək olan Allaha ibadət edin, həddi aşanlardan uzaq durun”– deyə, elçi göndərdik. Allah kimisini doğru yola yönəltdi, kimisinə də azmaq nəsib etdi. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu! Sən onların doğru yola gəlməsini nə qədər istəsən də, (faydası yoxdur, çünki) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onların kömək edəni olmayacaq. Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Əslində, bu (hesab günü bütün ölənləri diriltmək), Allahın qəti vədidir, ancaq insanların çoxu bilmir. Məqsəd budur ki, ixtilafda olduqları şeyi onlara aydınlatsın və inkar edənlər də yalan danışdıqlarını bilsinlər. Biz bir şeyi istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur. Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə bu dünyada gözəl bir yer (və məqam) verəcəyik. Axirət mükafatı isə ondan da böyükdür. Kaş biləydilər! Onlar səbirli olanlar və ancaq Rəblərinə təvəkkül edənlərdir. ————————————————————————————– Bütpərəstlərin peyğəmbərliklə bağlı şübhəsi: Ayədə peyğəmbərliyi inkar edən bütpərəsətlərin peyğəmbərliyə qarşı irəli sürdüyü bir şübhədən söz açılmışdır. Belə ki, Peyğəmbər (s) zamanının bütpərəstləri deyirdilər: Əgər peyğəmbərlik missiyası doğru olsaydı, peyğəmbərlərin bütpərəstliyi qadağan etməsi və Allah Özünün icazəsi olmadan nələrinsə haram edilməsini yasaq etsəydi, şübhəsiz ki, biz bu işləri görməzdik. Çünki Allah bir şeyi istəyərsə, həmin şey olar; əgər Allah bizim müşrik olmamağımızı istəsəydi, biz müşrik olmazdıq. Deməli, Allah belə bir şey istəməyib, ümumiyyətlə, şəriət və peyğəmbərlik deyilən bir şey olmamış və yoxdur. Allah-taala müşriklərin bu şübhəsnə iki konkret cümlə ilə cavab verir: Birincisi, bu, təzə söhbət deyil. Keçmiş müşriklər də bütə sitayiş edir, Allahın icazəsi olmadan nələrisə haram edir, peyğəmbərlərin qadağaları qarşısında eyni bəhanələri gətirir, buna görə də əzaba düçar olurdular. İkincisi, peyğəmbərlərin vəzifəsi insanları qeyri-adi şəkildə təkallahlığa dəvət və Allahın əmrlərinə məcbur etmək deyil. Onların vəzifəsi yalnız xəbər çatdırmaq, insanları dəvət etmək və doğru yolu göstərməkdən ibarətdir[19]. Tövhid inancına dəvət və həddi aşanlarla mübarizə peyğəmbərlərin dəvətinin əsasını təşkil edir: Bu ayəyə əsasən tövhid inancına dəvət və tağutla mübarizə bütün peyğəmbərlərin dəvətinin əsasını təşkil etmişdir. Çünki tövhidin əsasları möhkəm olmasa, həddini aşanlar cəmiyyətlərdən və insan təfəkküründən təmizlənməsə, heç bir islah olmuş proqram icra edilə bilməz. “Tağut” tüğyan sözünün mübaliğə mənasını ifadə edən formasıdır. Mənası hədd və hüdudları aşmaq deməkdir. Allahın müəyyən etdiyi bütün hədlərin pozulmasına səbəb olan vasitəyə deyilir. Buna görə də Şeytan, büt, despot hakim, zülmkar, təkəbbürlü insan, habelə nahaqla nəticələnən bütün yollara tağut deyilir[20]. Kimlər hidayət olunmağa layiq deyillər? “Allah azdırdığı kimsələri doğru yola yönəltməz”. Təbii ki, bu cümlə bütün haqq yoldan sapmışlara aid deyil. Çünki peyğəmbərlərin vəzifəsi təbliğ etmək, doğru yola yönəltməkdir. Tarix də bu təbliğ və yönəldilmələrin əksər yolunu azmışlara təsir göstərdiyini, onların doğru yola gəldiyini və eşqlə onu müdafiə etdiklərini təsdiq edir. Bu cümlə yalnız inadkarlığın zürvə nöqtəsinə çatan, hidayət yolunun qapılarının tamamilə bağlanmasına səbəb olacaq qədər təkəbbür, qürur, qəflət və günah girdabına batanlara aiddir. Məhz bu adamlardır ki, peyğəmbərlər onların xilası üçün nə qədər çalışsalar da, heç bir nəticə hasil olmaz. Onlar etdikləri əməllər nəticəsində doğru yoldan elə uzaq düşüblər ki, artıq hidayət olunmağa layiq deyillər[21]. 41-42. Hicrət etməyin dünya və axirətdə mükafatı: Bu ayənin nazilolma səbəbi ilə bağlı belə qeyd edilmişdir: Bir qrup müsəlman Məkkədə İslamı qəbul etdikdən sonra ciddi təzyiqlərə məruz qalırdı. İslamı gücləndirmək və öz səslərini başqalarına çatdırmaqdan ötrü Peyğəmbərdən (s) sonra Mədinəyə hicrət etdilər. Bu hicrət onların və digər müsəlmanların qələbəsinə səbəb oldu. Bu ərəfədə Süheyb adlı yaşlı bir kişi Məkkə müşriklərinə belə bir təklif irəli sürür: Mən yaşlı br kişiyəm. Mənim sizinlə bir yerdə olmağımın sizə elə bir faydası yoxdur. Əgər sizə qarşı olsam, sizə zərərim toxunmaz. Gəlin mənim mallarımı götürün və Mədinəyə getməyimə icazə verin. Məkkə müşrikləri razılaşırlar. Süheyb bütün malını-mülkünü onlara verib Mədinəyə hicrət edir. Bəziləri Süheybə deyir: “Faydalı al-ver etmisən”. Həmin vaxt bu ayə nazil olur, onun və onun kimilərin bu və o biri dünyadakı qələbə xəbərini çatdırır. Əlbəttə, İslamın ilk vaxtlarının mühacirlərinin fədakarlıqları olmasaydı, İslamın səsi beşikdəcə boğulardı. Ancaq mühacirlər bu hesablanmış sıçrayışla az müddətdən sonra Məkkəni öz hakimiyyətləri altına alır, İslamın səsini bütün dünyaya çatdırırlar. Bu, bütün şəraitlərdə hər bir müsəlmana dərs ola biləcək bir davranışdır[22]. Mühacirlərin hicrət etməsinin məqsədi sağlam cəmiyyət olmuşdur: Yaxşı və münasib yer deyilərkən yalnız Allaha ibadət edilən, ədalət və yaxşılıqların hökm sürdüyü təmiz və sağlam cəmiyyət nəzərdə tutulur. Mühacirlərin hicrət etməsinin səbəbi də məhz belə bir cəmiyyət yaratmaq olmuşdur[23]. Biz səndən əvvəl də yalnız vəhy etdiyimiz kişiləri göndərmişdik. Əgər bilmirsinizsə, bilənlərdən so­­ruşun. Aydın dəlillər və (əvvəlki peyğəmbərlərə göndərilən) kitabları (bilənlərdən soruşun). Biz bu zikri (Quranı) sənə nazil etdik ki, insanlara göndəriləni onlara izah edəsən və bəlkə düşünələr. Hiyləgərlər Allahın onları yerə batırmayacağına və yaxud əzabın onlara gözləmədikləri bir yerdən gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman (Allahın) onları yaxalamayacağındanmı (əmindirlər)? Halbuki onlar yaxa qurtara bilməyəcəklər. Yaxud qorxulu xəbərdarlıqların tədricən onları çətin vəziyyətə salmayacağındanmı (əmindirlər)? Çünki Rəbbiniz mərhəmətlidir, rəhimlidir. Məgər onlar Allahın yaratdıqlarının sağdan-sola hərəkət edərək Allaha müti şəkildə səcdə etdiklərini görmürlərmi? (Təkcə kölgələr deyil,) göylərdə və yerdə olan canlıların hamısı, mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər. Onlar hakimləri olan Rəblərindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. Allah: “İki məbud seçməyin! Məbud(unuz) həmin tək olan Allahdır. Yalnız Məndən qorxun!”– deyə əmr etdi. Göylərdə və yerdə nə varsa, Onundur. Xalis din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? Malik olduğunuz nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman yalnız Onu çağırırsınız. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəblərinə şərik qoşur. ————————————————————————————— Əgər bilmirsinizsə, bilənlərdən soruşun: Qüreyş müşrikləri güman edirdilər ki, insan peyğəmbərlik məqamına çata bilməz, peyğəmbərlik mələklərə xas olan xüsusiyyətlərdəndir. Müxtəlif ayələrdə bu şübhəyə cavab verilmişdir. O cümlədən, bu ayədə də onlara cavab verilir ki, təkcə İslam peyğəmbəri deyil, bütün peyğəmbərlər insandırlar, onlara vəhy edilir. Peyğəmbərlərə insanları ilahi dinə adi və təbii qaydalar çərçivəsində dəvət etmək əmr edilib. İnsanlar öz aralarından seçilən insanların dəvətlərinə müsbət və ya mənfi cavabı ixtiyari şəkildə verməlidirlər. Sonra Allah-taala bu məsələni sübuta yetirmək üçün belə buyurur: “Bu həqiqəti başa düşmək üçün bilənlərə müraciət edin və onlardan soruşun!” Yəni siz, ey kafirlər, bu məsələni İslam peyğəmbərindən (s) qəbul etmirsinizsə, kitab əhlinin alimlərindən soruşun, xüsusilə Peyğəmbərlə (s) düşmən, sizinlə dost olan yəhudilərdən onların peyğəmbərlərinin necə olduqlarını soruşun! Şübhəsiz ki, onlar da sizə Quranın sözünü deyəcəklər. Əlbəttə, “əgər bilmirsinizsə, bilənlərdən soruşun!” cümləsi bizi mühüm bir əqli qanuna istiqamətləndirir. O da budur ki, kimsə hər hansı məsələni bilmirsə, həmin məsələni öyrənmək üçün mütəxəssisə müraciət etsin. Bu səbəbdən də bir çox hədislərdə “bilənlər” (zikr əhli) deyilərkən Əhli-beytin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir. Çünki Peyğəmbərin (s) “Səqəleyn” hədisindəki açıq bəyanına əsasən insanları dini məlumatsızlıqdan və sapmadan iki mənbə xilas edə bilər – Qurani-kərim və Peyğəmbərin (s) Əhli-beyti. Deməli, dini dərk etmək üçün onlara müraciət etmək lazımdır[24]. Quranın həqiqi təfsirçiləri: Quranın bu ayəsindən açıq şəkildə başa düşülür ki, birincisi, Quran təklikdə kifayət etmir, ayələrini izah etmək üçün bir izahediciyə ehtiyacı vardır; ikincisi, hər kəs də bu mühüm vəzifəni ifa edəcək səlahiyyətə malik deyil. Bu ayəyə əsasən Peyğəmbərə (s) Quranı təfsir etmək səlahiyyəti verilmişdir. Əhli-beyt (ə) isə Quran ayələrinin təfsir və izahında Peyğəmbərin (ə) davamçısı hesab edilir. Bu fikir təvatür həddə olan “Səqəleyn” və digər hədislərlə sübuta yetir. Lakin səhabələr, tabelər və ya din alimləri Quranın özünə və Peyğəmbər (s) hədislərinə istinad etmədən Quranın ayələrinin təfsir mənbəyi ola bilməzlər. Çünki onlar bu ayənin və dinin digər etimad edilən aşkar dəlillərinin nəzərdə tutduğu subyektlər deyillər[25]. Ayıldıcı xəbərdarlıqlar ilahi rəhmətin bir nümunəsidir: Ayədə qorxuducu xəbərdarlıqlarla müşayiət edilən tədrici bəlalar deyilərkən Allahın birdəfəlik əzabları deyil, bir-birinin ardınca gələn müsibət və bəlalar nəzərdə tutulur. Əgər insanlar bu bəla və müsibətləri gördükdən sonra ayılıb tövbə etsələr, çox yaxşı, əks təqdirdə, son əzab onları yaxalayacaq. Bu növ cəza hiylələri, günahları və təcavüzləri qayıdış və tövbə yolunu bağlayacaq həddə çatmamış insanlar üçündür. Onlar ətraflarında baş verən xoşagəlməz hadisələr, o cümlədən maliyyə sıxıntıları, xəstəlik, əziz insanların itirilməsi kimi hadisələrlə qarşılaşdıqda ayıla bilərlər. Buna görə də Allahın mərhəmət və rəhməti hələ ki, Allahla olan bütün əlaqə və bağlantılarını əldən verməmiş, keçdikləri bütün körpüləri yandırmamış, əvvəlki iki ayədə işarə edilən qruplarla heç bir əlaqəsi olmayan insanlara şamil olur[26]. 48-49. Göylərdə və yerdə nə varsa, Allaha səcdə edir: Əsl həqiqi səcdə son dərəcə təvazökarlıq və itaətkarlıqdan ibarətdir. Əgər bizim yeddi üzvümüzlə etdiyimiz adi səcdə həqiqətən təvazökarlıq və itaətkarlıqla müşayiət olunarsa, sözügedən səcdə nümunələrindən biri hesab edilə bilər. Yaradılış aləminin bütün yaradılmışları varlıq aləminin Allah tərəfindən müəyyən olunmuş ümumi qanunlarına təslim olduqları, bu qanunlardan sapmaqdıqları üçün hamısı Allahın fərmanına mütidirlər, Onun qarşısında səcdə edirlər. Bütün bunlar O alim, qadir, sonsuz və ehtiyacsız varlığın nişanəsidir. Hətta hər gün günəşin doğması və batması ilə yerini dəyişən, sağdan-sola hərəkət edən kölgələr də Allah qarşısındakı bəndəliklərini, təvazökarlıqlarını öz vəziyyətləri ilə elan edirlər[27]. (Qoy) Bizim onlara verdiyimiz ne­­mətlərə nankorluq etsinlər. (Hələlik) bir neçə günlük (dünya malından) bəhrələnsinlər! Ancaq tezliklə biləcəksiniz. Onlar özlərinə verdiyimiz ruzidən heç bir xeyir və ziyanlarını görmədikləri bütlərə pay ayırırlar. Allaha and olsun ki, atdığınız bu iftiralara görə sorğu-sual olunacaqsınız. Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini aid edirlər. Onlardan birinə qızı olması ilə bağlı müjdə verildikdə üzü qapqara qaralır, bərk əsəbləşir. Verilən pis xəbər üzündən camaatdan gizlənir. (Bilmir nə etsin,) onu rüsvayçılıq içində saxlasın, yoxsa torpağa gömsün? Bilin, pis qərar qəbul edirlər. Çirkin xüsusiyyətlər axirətə inamı olmayanlara xasdır. Ən ali sifətlər isə Allaha məxsusdur. O, qüdrətlidir, hikmət sahibidir. Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin onlara müəyyən vaxta qədər möhlət ve­­rir. Əcəlləri çatdığında isə bircə saat belə yubanmaz və qabağa düşməzlər. Onlar özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Bununla belə, dilləri yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçündür və onlar (Cəhənnəmə) qabaqda gedənlərdir. Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan, əməllərini onlara gözəl­ göstərdi. Bu gün də onların vəlisi və hamisidir. Onlar üçün üzücü bir əzab vardır. Biz kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən. (Bu Quran) mömin camaat üçün hidayət və mərhəmət mənbəyidir. ———————————————————————————- Bütlərin heyvandarlıq və əkinçilikdəki payı: Müşriklərn çirkin adətlərindən biri öz gəlirlərindən bütlərə pay ayırmaları idi. Cahiliyyət dövrünün ərəbləri dəvə və digər heyvanları, eyni zamanda əkin məhsullarından bütlərə pay ayırır, onların yolunda xərcləyirdilər. Halbuki bütlərin onlara nə bir xeyri, nə də bir ziyanı dəyirdi. Bu, onların etdiyi ən axmaq bir əməl idi[28]. Allahın qız sahibi olmasına etiqad bəsləmək: Müşriklərin çirkin adətlərindən biri də cismə xas olan heç bir xüsusiyyətə malik olmayan Allahın qızı olduğuna etiqad bəsləmək idi. Onlar hesab edirdilər ki, mələklər Allahın qızlarıdır. Lakin növbə özlərinə çatanda qız sahibi olmağı ar bilirdilər. Ümumiyyətlə, onlara görə qız eyib, rüsvyaçılıq, utanc, başıaşağılıq, bədbəxtlik hesab edilirdi. Oğul müharibələrdə, qarətlərdə kömək edə bildiyi və işləyib qazanc əldə etdiyi üçün dəyərli hesab edilirdi[29]. 58-59. Qızların diri-diri torpağa gömülməsi: Qızların diri-diri torpağa basdırılması adət halı almış Cahiliyyə dövrünün müşriklərinin insanlıqdan uzaq nadan adətləri haqqında belə qeyd edirlər ki, kişilər həyat yoldaşları azad olmazdan əvvəl bir çala qazıb hazır saxlayırdılar. Dünyaya gələn övladları qız olduğu təqdirdə onu diri-diri həmin çalaya atıb üstünü torpaqlayırdılar. Bunu qızları üzündən yoxsullaşacaqlarından qorxudqları üçün edirdilər. Çünki oğlanlar işləyir, qazanc gətirirdilər. Oğlanlar istehsalçı olduqları halda, qızlar istehlakçı hesab edilirdi. Deyilənlərə görə, bu yanlış addım ilk dəfə Bəni-Təmim qəbiləsi ilə İranın Kəsra qəbiləsi arasında baş verən döyüşdən sonra atılmağa başlamışdır. Həmin döyüşdə Bəni-Təmim qəbləsindən olan bir qrup qadın kəsralılara əsir düşür. Döyüşçülər onları Kəsra sarayına aparır və onları sarayda kəniz kimi saxlayırlar. Bir müddətdən sonra tərəflər arasında sülh müqaviləsi imzalanır və Bəni-Təmim qəbiləsi əsir düşmüş xanımları geri istəyirlər. Kəsra sarayında isə öz qəbilələrinə geri dönmək və ya sarayda qalmaq seçimi qadınların özlərinə həvalə edilir. Qızların çoxu getməkdən imtina edir. Qəbilənin kişiləri çox qəzəblənirlər və söz verirlər ki, əgər bundan sonra qızları olsa, onları diri-diri toprağa basdıracaqlar və sözlərinə də əməl edirlər. Bu ənənə yavaş-yavaş digər qəbilələrə də keçir və hər tərəfə yayılır. Bununla da qız öldürmək adət halını alır[30]. “Canlı” (dabbə) deyilərkən nə nəzərdə tutulur? Ehtimal ki, burada “canlı” deyilərkən insan nəzərdə tutulur. Çünki insan da hərəkətdə olan canlılardandır. Buna görə də ayənin mənası belə olur: Əgər Allah-taala insanları etdikləri zülm və haqsızlıqlara görə cəzalandırmaq, yəni zülm və haqsızlığa yol verən hər bir kəsi əzaba düçar etmək istəyərsə, artıq yer üzündə hərəkət edən heç bir insan qalmaz. Çünki zülmkarlar etdikləri zülm və haqsızlıqlara görə həlak olsaydılar, məsum insanlar, peyğəmbərlər və övliyaların ata-babaları da həlak olduğu üçün ümumiyyətlə, dünyaya gəlməzdilər. Bəlkə də elə buna görə canlı deyilərkən bütün heyvanlar və canlılar nəzərdə tutulur. Belə olan surətdə heyvanların və digər canlıların insanların günahlarına görə məhv edilməsi belə izah edilir: Qurana görə yer kürəsinin bütün mövcudatı insanların kamilləşmsi üçün yaradılmışdır. Deməli, insan olmazsa, onların da mövcudluğu əbəs olacaqdır. “Bəqərə” surəsinin 29-cu ayəsində belə buyurulmuşdur: “Allah yerdə mövcud olan hər şeyi sizin üçün yaratmışdır.”[31] Şeytan kafirlərin hamisidir: “Bu gün o sizin vəliniz və haminizdir” cümləsində Peyğəmbər (s) zamanındakı ərəb müşriklərinə işarə edilmişdir. Onlar da əvvəlki ümmətlərin azğın proqramlarını davam etdirirlər. Əməllərini onların gözündə gözəl göstərən Şeytan bu gün bu müşriklərin rəhbəri və hamisidir[32]. Allah göydən su göndərib ölmüş yerə həyat bəxş etdi. Bunda eşidən qulağı olan adamlar üçün aydın dəlil vardır. Mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qanın arasından təmiz və dadlı süd içirdirik. Siz xurma və üzüm ağaclarının meyvələrindən məstedici içkilər, pak və xeyirli ruzi hazırlayırsınız. Bunda düşünən adamlar üçün aydın dəlil vardır. Rəbbin bal arısına belə vəhy etdi: “Dağlardan, ağaclardan və (insanların) düzəltdikləri çardaqlardan özünə ev seç. Sonra bütün meyvələrdən (və güllərin şirəsindən) ye və Rəbbinin sənə təyin etdiyi yollarla rahat get”. Onların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli içki çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün aydın dəlil vardır. Allah sizi yaratdı, sonra öldürəcəkdir. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən arzuolunmaz ixtiyar çağına çatdırılacaq. Həqiqətən, Allah biləndir, qüdrətlidir. Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu cəhətdən bərabər olsunlar. Onlar Allahın nemətini inkarmı edirlər? Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak olanlardan ruzi verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? ————————————————————————————– Süd Allahın dəlillərindən biridir: Südün əmələ gəlməsi Allahın dəlillərindən, qüdrət və elminin nişanələrindəndir. Dadlı süd həzm edilmiş qidalarla qanın arasından süzülür, ancaq onlara qarışmır, dadlarını, tamlarını və qoxularını almır. Belə bir qüdrət sahibi olan Allah insan bədəninin üzvlərini çürüyüb dağıldıqdan sonra yenidən toplamağa, yenidən diriltməyə qadirdir[33]. (Südün necə meydana gəlməsi və faydaları haqqında daha ətrfalı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu ayənin təfsirinə baxa bilərlər). Şərab düzəltmək ilahi nemətlərdən sui-istifadədir: Məlumdur ki, Allah-taala bu ayədə xurma və üzümdən şərab alınmasına icazə verməmişdir. Məstedciləri xeyirli və pak ruzilərlə qarşılaşdırmaqla şərabın haramlığına və pisliyinə qısa şəkildə işarə etmişdir. Buna görə də bu ayənin şərabın haram edilməsi hökmünün elan edildiyi ayədən əvvəl nazil olduğunu deməyə ehtiyac qalmır. Burada onun haram olduğuna işarə edilmişdir. Bu ayə bəlkə də şərabın haram olması ilə bağlı ilk xəbərdarlığı əks etdirir. Sanki Quran ilahi nemətləri sadalayarkən ondan sui-istifadəyə də işarə etmişdir[34]. Bal arısına vəhy edilməsi: Vəhy kiməsə bir şeyi başqalarının xəbərdar olmayacağı şəkildə başa salmağa deyilir. Deməli, bir şeyin heyvana malik olduğu instinkt vasitəsilə başa salınması vəhydir. Hər hansı bir mövzunun yuxu, vəsvəsə və ya işarə vasitəsilə başa salınması da vəhydir. Quranda vəhy bu mənaların hamısında işlənmişdir. Əlbəttə, dini kontekstdə vəhy yalnız Peyğəmbərə (s) göndərilən sözlərlə məhdudlaşmışdır[35]. Bal şəfaverici bir şərbətdir: Bal sağlamlıq, bir çox xəstəliklərin qarşısının alınması və müalicəsində faydalı olan xüsusiyyətlərə malikdir. Hədislərdə də balın müalicəvi xüsusiyyətlərinə çox işarə edilmişdir. İmamlara istinad edilən bir çox hədislərdə belə qeyd edilmişdir: “Heç bir xəstə öz xəstəliyini baldan gözəl vasitə ilə sağalda bilməz.”[36] (Daha ətraflı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu ayənin təfsirinə baxa bilərlər)[37]. Ömrün ən arzuolunmaz ixtiyar çağı: Doğrusu, bu yaş həddi üçün konkret rəqəm təyin etmək olmur. Çünki dərketmə qüvvəsinin sıradan çıxması, yaddaşsızlığın yaranmağa başlaması fərdlərin fiziki sağlamlıqlarından asılıdır. Adətən bu əlamətlər özünü 75 yaşdan sonra büruzə verməyə başlayır. Bəzi hədislər də bunu təsdiq edir[38]. Ailə ən böyük nemətlərdən biridir: Bu ayədə Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən birinə, yəni ailə nemətinə işarə edilmişdir. Ailə insan cəmiyyətinin əsasını təşkil edir, insanların həyatının davamlılığı ondan asılıdır. Kişi ilə qadının evliliyi insan nəslinin davamlılığını təmin etməklə yanaşı, onların birinin digəri ilə rahatlıq tapmasına səbəb olur. İnsanların çox böyük ehtiyac duyduqları qarşılıqlı yardımlaşma və həmkarlıq ruhiyyəsi ailə mühitində formalaşır. Ailə üzvlərindən hər biri digərinə bir növ xidmət edir və bu şəkildə bir-birinin ehtiyaclarını ödəyir. Böyük insan cəmiyyəti bu kiçik qruplar sayəsində öz həyatını davam etdirir. Şübhəsiz ki, insanlar bu gözəl və qurucu əlaqəyə son qoysalar, ailə özülünü məhv etsələr, demək öz əlləri ilə öz köklərinə balta çalmış olarlar, nəticədə, çox çəkməz ki, yer kürəsində insan qalmaz. Çünki heç bir orqan bu isti və səfalı mühitin yerini doldura bilməz[39]. Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayan varlıqlaramı ibadət edirlər? Heç nəyi Allaha bənzətməyin. Allah bilir, siz isə bilmirsiniz. Allah, heç bir şeyə gücü çatmayan və başqasının mülkiyyəti olan bir kölə ilə dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Bu iki nəfər birdirmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bilmir. Allah iki nəfəri (də) məsəl çəkdi; onlardan biri anadangəlmə laldır, heç bir şeyə gücü çatmır və öz sahibinə bir yükdür. Onu hara yollasa, yarıtmır. Belə bir insanla doğru yolda olub haqq-ədalətə əmr edən bir kimsə bərabərdirmi? Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımı kimidir və ya daha tezdir. Allah hər şeyə qadirdir. Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, Onun nemətinin şükürünü edəsiniz. Onlar havada saxlanılan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Bunda iman gətirən insanlar üçün dəlillər vardır. ————————————————————————————— Ruzi vermək bütlərin səlahiyyətində deyil: Müşriklər güman edirdilər ki, bütlər onların taleyində, xeyir və ziyanlarında rol oynayır. Buna görə onlara ibadət edirdilər. Göylərdən enən və yerdən çıxan ruzilərin insan həyatının zəruri tələbatları olduğunu bilirik. Ancaq bu ruzilərin heç biri bütlərin səlahiyyətində deyil. Onlar heç bir iradəsi olmayan varlıqlardır. Daşıdıqları dəyərə müşriklərin xurafat və cahil təəsübkeşlikləri sayəsində malik olmuşdular[40]. Allahın misli və bənzəri yoxdur: Bu cümlənin xitab obyekti öz nöqsanlı ağılları ilə Allahı vəsf edən və Onu digər varlıqlara bənzədən insanlardır. Onlar deyirdilər ki, insanların övladları varsa, deməli, Allahın da övladları var; mələklər Allahın qızlarıdır. Allahın cin və pərilərlə qohumluğu var. Çox vaxt soruşurdular ki, Allah çürümüş sümükləri necə dirildəcək? Bunu ona görə soruşurdular ki, Allahı belə bir qüdrətə malik olmayan varlıqlarla müqayisə edirdilər. Allah-taala bu ayədə buyurur ki, Allahın zat və feillərinin həqiqətindən xəbəriniz olmadığı üçün bu cür bənzətmələr etməyə və Onu yaratdıqları ilə müqayisə etməyə haqqınız çatmır[41]. 75-76. Tövhidin dəyəri və şirkin dəyərsizliyi: Bu iki ayədə allahpərəstliyin dəyərini və şirkin dəyərsizliyini daha yaxşı başa salmaq üçün iki gözəl məsəl çəkilmişdir. 75-ci ayədə iki nəfər müqayisə edilmişdir. Onlardan biri başqasının köləsi, heç bir ixtiyarı olmayan gücsüz və yoxsul bir adamdır. Digəri isə istədiyi vaxt öz malından Allah yolunda xərcləyə bilən qüdrətli və varlı bir adamdır. Bu, qüdrətli Allahla müşriklərin aciz tanrılarını səciyyələndirən bir məsəldir. Allah-taala ehtiyacsızdır, bütün kamilliklər Ona məxsusdur. O, hər şeyə qadirdir, istədiyini edir, heç kəs Onun istəyinin qarşısını ala bilməz. Müşriklərin tanrıları isə Onun mülkiyyətidir, heç bir ixtiyar sahibi deyillər. 76-cı ayədə də tövhid inancını başa salmaq üçün başqa bir məsəl çəkilmişdir. Həmin məsəldə də iki insan müqayisə edilmişdir. Onlardan biri yükü başqasının boynunda olan və əlindən heç bir iş gəlməyən lal və kar, digəri isə düz yolda olan qüdrətli və ədalətli insandır. Şübhəsiz ki, bu insanlar bərabər deyil. Bu, Allahla bütlərin, daha dəqiq desək, heç bir nöqsanı olmayan, bütün varlıqların kamilləşməsini istəyən Allahla Ona möhtac olan bütün məbudların fərqini başa salmaq üçün bir məsəldir[42]. Qiyamət bir göz qırpımı qədər asandır: Bu cümlənin məqsədi bütün xüsusiyyətlərinə baxmayaraq, Qiyaməti bərpa etməyin Allah üçün çox asan olduğunu çatdırmaqdır. Allah-taala “Əraf” surəsinin 187-ci ayəsində Qiyamətin yerdən və göylərdən ağır və əhəmiyyətli, insanlar üçün çox çətin və ağır olduğu buyurulsa da, Allah üçün onu bərpa etmək bir göz qırpımı qədər asandır. “Göz qırpımı kimidir” ifadəsi onun asanlığını çatdırmaq üçündür. Çünki göz qırpmaq insanlar üçün ən asan məsələlərdəndir. Allah üçün Qiyaməti gerçəkləşdirmək bundan da asandır. Ümumiyyətlə, Allah üçün çətinlik və asanlığın heç br mənası yoxdur. Çünki “bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar.” (Yasin surəsi, 82-ci ayə) Buna görə də Allah-taala bilavasitə “ondan da yaxındır”, – deyə buyurmuşdur[43]. Allah evlərinizi sizin üçün rahatlıq məkanı etdi, heyvanların dərilərindən sizin üçün həm səfərə çıxdığınız vaxt, həm də düşərgə sal­­dığınız zaman asanlıqla daşıya biləcəyiniz çadırlar, üstəlik də on­­ların yunundan, kürkündən və tükündən müəyyən vaxta qədər ev əşyaları və başqa şeylər düzəltdi. Allah, yaratdığı şeylər­­dən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün sığınacaqlar, sizi istidən (və soyuqdan) qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək geyimlər yaratdı. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə əmrinə tabe olasınız. Əgər üz çevirsələr, (narahat olma,) sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır. Onlar Allahın nemətlərini tanıyır, sonra onları inkar edirlər. Onların əksəriyyəti kafirdir. Hər ümmətdən bir şahid gətirəcəyimiz gün kafirlərə (danışmaq üçün) izn verilməyəcək, üzr istəmələrinə və əfv diləmələrinə də icazə verilməyəcək. Zalımlar əzab çəkməyə başladıqda onlara güzəştə gedilməyəcək, möhlət verilməyəcəkdir. Müşriklər Allaha şərik qoşduqları tanrıları gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar Sənin əvəzində çağırdığımız şəriklərdir!” Bu vaxt ibadət etdikləri onlara deyəcək: “Siz yalançısınız!” O gün hamısı Allah qarşısında təslim olacaq və uydurduqları onlardan gözdən itib məhv olacaq. —————————————————————————————- Heyvanların tüklərinin fərqliliyi başqa bir nemətdir: Heyvanların bədənlərindəki tüklər müxtəlif olur. Bəzilərinin tükü çox cod olur, bəzilərinki yumşaq, bəzilərinki daha yumşaq olur. Bunlar tük, yun, kürk, xəz və sair adlanır. Təbii ki, bu fərqlilik onların hər birinin ayrı-ayrı istifadə imkanlarına malik olmasına səbəb olur. Birindən xalça, palaz və bu kimi vasitələrin toxunmasında, birindən paltar tikilişində, başqasından çadır və sair vasitələrin hazırlanmasında istifadə edilir[44]. “Müəyyən vaxta qədər” ifadəsi bütün nemətlərin fani və keçici olacağını göstərir. Deməli, ağıllı insan onlara görə axirətini əldən verməməlidir[45]. Kölgə neməti: Bu ayədə cisimlərin kölgələrinin Allahın qiymətli nemətlərindən biri olduğu qeyd edilmişdir. Bildiyimiz kimi, insanın işığa ehtiyacı olduğu kimi, kölgəyə də ehtiyacı var. Çünki işıq mövcudluğu monoton şəkildə davam etsəydi, həyat qeyri-mümkün olardı. Bunu da bilirik ki, Yer kürəsinin sakinləri üçün ən böyük kölgə Yerin kölgəsidir. Gecə adlandırdığımız bu kölgə Yer səthinin yarı hissəsini tutur. Həm bu böyük kölgənin, həm də gündüz vaxtı ayrı-ayrı bölgələrdə yaranan kiçik kölgələrin insan həyatında oynadığı rol danılmazdır[46]. Dəmir zireh neməti: “Müharibə vaxtı sizi qoruyacaq geyimlər” deyilərkən dəmir və sair vasitələrdən düzələn və döyüş vaxtı döyüşçüləri qoruyan zirehlər nəzərdə tutulur[47]. Məsum rəhbərlər Allahın ən böyük nemətidir: “Allahın neməti” ifadəsinin məna yükü o qədər genişdir ki, bütün maddi, mənəvi nemətlərə, hətta Peyğəmbərə (s) də şamil olur. Əhli-beyt (ə) hədislərində “Allahın neməti” deyilərkən məsum imamlar və rəhbərlərin nəzərdə tutulduğu qeyd edilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “And olsun Allaha, Allahın neməti bizik. Allah bu nemət vasitəsilə bəndələrinə lütf və mərhəmət göstərir, xoşbəxtlər bizim vasitəmizlə xoşbəxt olurlar.” Məlumdur ki, xoşbəxtlik və qələbə doğruçu rəhbərlərin rəhbərliyi olmadan mümkün deyil. Bu, ilahi nemətlərin ən parlaq nümunəsidir[48]. Şahidlik etməsi üçün hər bir ümmətdən bir şahid gətirəcəyimiz gün: Quran ayələri və məsumların (ə) hədislərindən belə məlum olur ki, Allahın dəlili istər peyğəmbər olsun, istərsə də peyğəmbərin canişini, hər bir zaman öz ümmətinin əməllərindən xəbərdardır və Qiyamət məhkəməsində öz ümməti üçün şahidlik edəcək. Bu surənin 89-cu ayəsində də eyni həqiqətə işarə edilmişdir[49]. Bütlər və bütpərəstlərin iddiası: Müşriklər uydurma tanrılarına işarə edərkən əzablarının bir hissəsini onların boynuna atmaq məqsədi güdürlər. Buna görə də deyirlər: “Ey Rəbbimiz! Bunlar Sənin əvəzində çağırdığımız şəriklərdir!” Bütlərin onları təkzib etməsi də yalan deyil. Qondarma bütlər, əslində, ibadətə layiq olmadıqlarını bəyan edəcəklər. Ola bilər ki, müşriklər orada öz sözlərinə bunu da əlavə edəcəklər: “İlahi, bu məbudlar bizim vəsvəsə olunmağımızda şərik idilər.” Onlar isə “siz yalan danışırsınız, bizim vəsvəsə edəcək qüdrətimiz yox idi”, – deyə cavab verəcəklər[50]. Digər tərəfdən, ibadət bəndənin öz məbudu qarşısında təvazökarlıq və itaət göstərməsinə deyilir. Bu əlaqə məbudun xəbəri və məlumatı olmadan heç bir məna daşımır. Müşriklərin ibadəti birtərəfli və bütlərin məlumatı olmadan gerçəkləşdiyi üçün bütlər Allahı şahid tutaraq “bizim onların ibadətlərindən xəbərmiz yox idi”, – deyə etiraz edəcəklər[51]. Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Xatırlayın!) O gün hər ümmətə özlərindən bir şahid gətirəcək, səni isə onlara şahid gətirəcəyik. Biz sənə hər şeyi izah edən, müsəlmanlar üçün hidayət və mərhəmət səbəbi, habelə müjdəçi olan kitabı nazil etdik. Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara bəxşiş verməyi əmr, məxfi günahları, aşkar günahları və haqsızlıq etməyi qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə xatırlayasınız. Allahla əhd bağladıqda əhdə sadiq olun; andlarınızı möhkəmlətdikdən sonra pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. İplərini möhkəm əyirdik­­dən sonra (onu) açan qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə, mütləq, bildirəcəkdir. Əgər Allah istəsəydi, sizin hamınızı vahid bir ümmət edərdi. Lakin O, istədiyini (layiq bldiyini) azdırır, istədiyini (layiq gördüyünü) də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə, mütləq, sorğu-sual olunacaqsınız. —————————————————————————————– Haqq yoldan sapmışların şahidi: Bu cümlədə “onlar” deyilərkən kimlərin nəzərdə tutulması, İslam peyğəmbərinin (s) kimlərə şahidlik edəcəyi ilə bağlı təfsirçilər çoxlu fikirlər irəli sürmüşlər. Onlar arasında iki fikir daha çox diqqəti cəlb edir. Birincisi budur ki, “onlar” deyilərkən İslam peyğəmbərinin (s) ümməti nəzərdə tutulur. Hər bir peyğəmbər öz ümmətinə şahidlik etdəcəyi kimi, İslam peyğəmbəri (s) də öz ümmətinə şahidlik edəcək. İkincisi budur ki, “onlar” deyilərkən digər şahidlər nəzərdə tutulur. Belə ki, dünyanın başlanğıcından sonuna qədər bütün ümmətlərin peyğəmbərlər və onların canişinlərinin simasında şahidləri olmuş və olacaqdır. Ancaq İslam peyğəmbəri (s) bu şahidlərin şahididir. Ayənin mənası belədir: Allahın dəlili hər bir zaman öz ümmətinin vəziyyətindən xəbərdardır və Qiyamət məhkəməsində ümmətinə bu barədə şahidlik edəcəkdir. İslam peyğəmbərinə (s) gəldikdə isə, o, bütün şahidlərin vəziyyətindən xəbərdardır və Qiyamət günü şahidlərə şahidlik edəcəkdir. Əlbəttə, Quran ayələri və hədislərə diqqətlə nəzər saldıqda ikinci fikrin öz təsdiqini tapdığının şahidi oluruq[52]. Daha ətraflı məlumat almaq istəyənlər “Bəqərə” surəsinin 142-ci ayəsinə baxa bilərlər. Quran hər şeyi izah edir: Cümlənin məzmunundan belə başa düşülür ki, Quran insanın haqq yola yönəlməsi üçün lazım olan hər şeyi bəyan etmişdir. Əslində, Quran riyaziyyat, coğrafiya, tarix, kimya, fizika, biologiya və sair elmləri tam əhatə edən böyük bir ensiklopediya deyil, haqq yola yönəldən hidayət kitabıdır. Əgər Quranda bəzən bu elmlərə işarələr edilbsə, məqsəd insanı haqq yola yönəltmək və islah etməkdir. Buna görə də “hər şeyi izah edir” deyilərkən insanların haqq yola yönəlməsi və əbədi xoşbəxtliyə nail olmasında ehtiyac duyduğu hər şeyin Quranda olması nəzərdə tutulur. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah Quranda hər şeyi bəyan edib. And olsun Allaha, bəndənin ehtiyac duyduğu heç bir şeyi əsirgəməyib. Buna görə də insan deyə bilməz ki, kaş Quranda filan şey nazil olaydı. İnsanın ehtiyac duyduğu elə bir şey yoxdur ki, Allah onu Quranda nazil etməmiş olsun.” Əlbəttə, Quranın ehtiva etdiyi daha üstün məzmunları əldə etmək üçün onun həqiqi alimlərinə, yəni Peyğəmbər (s) və məsum imamlara (ə) müraciət etmək və onların zülal bulaqlarından sirab olmaq lazımdır[53]. Ən əhatəli sosial proqram: Bu ayə İslamın ictimai, humanist və etik məsələlərlə bağlı ən əhatəli təlimatlarından birini ehtiva edir. Başlanğıcda belə deyilir: “Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara bəxşiş verməyi əmr edir.” Ədalət, bütün varlıq sisteminin əsasını təşkil edən qanun, hər bir şeyin öz yerində olması deməkdir. Buna görə də istənilən sapma, ifrat, təfrit, başqalarının hüquqlarının pozulması ədalət prinsipinə zidd hesab edilir. Ancaq ədalət bütün qüdrəti, əzəməti və dərin təsirinə baxmayaraq, böhran və istisna hallarda təklikdə təsir göstərə bilmir, buna görə də Allah-taala onun ardınca dərhal yaxşılıq edilməsi əmrini verir. İmam Əli (ə) buyurmuşdur: “Ədalət insaflı olmaq, yaxşılıq isə daha çox bağışlamaqdır.” Ayədə üç müsbət prinsipdən sonra üç mənfi və qadağan edilmiş prinsip qeyd edilir: “Gizli günahları, aşkar günahları və haqsızlıq etməyi qadağan edir”. “Fəhşa” deyilərkən gizli günahlar, “münkər” deyilərkən aşkar günahlar, “bəğy” deyilərkən istənilən növ təcavüz, hüquqların pozulması, zülm və bütpərəstlik nəzərdə tutulur. Bu ayənin ehtiva etdiyi prinsiplərə diqqət və əməl dünyanın abadlaşdırılması və hər növ bədbəxtlikdən xilas edilməsinə kifayət edir. Peyğəmbər (s) bir hədisində belə buyurmuşdur: Təqva Allahın bu cümləsində ümumiləşmişdir: “Allah ədalətli olmağı… əmr edir.”[54] Əhdi pozmaq: Allah-taala öncəki ayədə ümumiyyətlə, əhdin pozulmasını qadağan etmişdir. Bu ayədə isə əhdlərini möhkəmləndirdikdən və Allahı bu əhdə zamin etdikdən sonra onu pozanları yundan ip əyirib onu yenidən sökən ağıldankəm qadına bənzətmişdir. Deyilənə görə bu ayədə günün yarısına qədər kənizlərinə yun əyirtdrib, sonra onları sökdürən Ritə bint Əmr adlı axmaq və yelbeyin qadına işarə edilmişdir[55]. Andlarınızı aranızda fırıldaq və xəyanət vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm ikən titrəyər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizi böyük bir əzab gözləyir. Allahla bağladığınız əhd-peymanı ucuz qiymətə satmayın. Allah yanında olan sizin üçün daha xeyirlidir. Kaş biləydiniz. Sizdə olan tükənəcək, Allah yanında olan isə qalıcıdır. Səbirli olanlara etdikləri ən yaxşı əməllərə görə mükafat verəcəyik. Kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda, layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik. Quran oxuyarkən qovulmuş Şeytanın şərindən Allaha sığın! Çünki onun iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir. Biz bir ayəni başqa bir ayə ilə əvəzlədikdə: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah hansı hökmü nazil etdiyini daha yaxşı bilir. Ancaq çoxu (həqqəti) bilmir. De: “Müqəddəs Ruh onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir”. ————————————————————————————– And və əhdin pozulmasının iki mənfi nəticəsi: Bu ayədə əhdin pozulması və andlardan xəyanət etmək üçün istifadə edilməsiin iki mənfi nəticəsi qeyd edilmişdir: 1. Bu davranış insanların etimad və etibarına xələl gəlməsinə səbəb olur, iman gətirənlərin bir qrupunun imanı zəifləyir. 2. Axirət evində insanın ilahi əzaba düçar olması ilə nəticələnir[56]. Bu və sonrakı ayədə ümumi şəkildə istənilən növ and pozulması və andlardan sui-istifadə qadağan edilsə də, Əhli-beyt (ə) hədislərində İslam peyğəmbərinin (s) müsəlmanlardan Əlinin (ə) rəhbərliyi ilə bağlı aldığı əhd-peymanın pozulması bu ayənin ən böyük nümunələrindən biri kimi təqdim edilmişdir. Bəli, həmin əhdin pozulması bir tərəfdən çoxlu sayda insanın Allahın doğru yolundan sapmasına, digər tərəfdən isə əhd sındıranların Allahın böyük əzabına tuş gəlməsinə səbəb oldu[57]. Həyata əbədilik rəngi qataq: Maddi dünya həyatı fani və keçicidir. Lakin bu həyata əbədi olan Allahın pak zatı ilə məna qatsaq, onu Allaha və Allah yoluna həsr etsək, əbədilik rənginə boyanar. Ümumiyyətlə, Allahın zatı ilə əlaqələndirilən hər bir şey əbədilik rənginə boyanır. Buna görə də peyğəmbərlər, imamlar, doğru yolda olan alimlər, şəhidlər və əməlisaleh möminlər ölməzdirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Adəm övladı dünyasını dəyişərkən ümid və arzuları üç şey istisna olmaqla hər şeydən kəsilər: 1. Davamlı olan sədəqələr; 2. İnsanların faydalandığı elm və bilik; 3. Valideyninə dua edən saleh övlad.” İmam Əli (ə) buyurmuşdur: “İki əməl arasında fərq var: ləzzəti keçəri, nəticəsi acı və qalıcı olan əməllə əziyyəti keçəri, mükafatı qalıcı olan əməl”.[58] Əməllərin ən yaxşısına uyğun mükafat: Bu ifadə onu göstərir ki, bütün səbir edənlərin yaxşı əməllərinin mükafatı eyni deyil. Bəzisi yaxşıdır, bəzisi daha yaxşı. Ancaq Allah hamısını daha yaxşı hesab edir və onlara daha yaxşı mükafat verir. Bu, alicənablığın ən yüksək həddidir. Bir nəfər üstün, yaxşı və orta olmaqla bir neçə əmtəə növünü satışa çıxarır, ancaq alıcı onların hamısını daha üstün olanın qiymətinə uyğun alır[59]. Pak və gözəl həyat: Allah-taala bu ayədə yaxşı işlər görən möminlərə vəd verir ki, başqa insanlar kimi diri və həyatda olsalar da, onlara yeni və pak bir həyat bəxş ediləcək; onlara haqqı batildən ayıran nur və ayıqlıq veriləcək. Bu səbəbdən də möminlər cani-dildən maddi dünya və onun zahiri təmtərağından, cazibələrindən əl çəkir, özünü izzət sahibi olan Allaha həsr edir. Bu bağlılıq “gözəl həyat”ın həqiqi mahiyyətini ifadə edir. Onlar özlərini elə bir varlığa həsr ediblər ki, Onda zərrə qədər nöqsan yoxdur. Bu bağlılıq nəticəsində insan vəsf edilə bilməyəcək bir izzət sahibi olur. Allaha bağlanmaqla insan ölüm, əziyyət, dərd-qəm və bədbəxtliyin yol tapa bilmədiyi bir həyat qazanır[60]. Quran oxuyarkən Allaha sığınmağın mənası: Ümumiyyətlə, həqiqətləri görmək və dərk etmək üçün iki şeyin olması şərtdir: Haqqın çöhrəsinin aşkar olması, görmə və dərk etmə vasitəsinə malik olmaq. Şübhəsiz ki, Quranın çöhrəsi parlaqlığın ən yüksək həddindədir. Ancaq şeytanlar və şeytansifətlər nəfsani istəklərin köməyi ilə insanın dərketmə gücünü ondan ala bilərlər. Hədislərin birində də belə qeyd edimişdir: “Əgər şeytanlar Adəm övladlarının qəlblərinin ətrafında dövrə vurmasaydılar, onlar mələklər aləmini və göylərin dərinliklərini görərdilər.” Buna görə də haqq yolunun yolçularının bu yolu getməsinin birinci şərti nəfslərini təmizləmək və təqvalı olmaqdır. Əslində, bu ayənin məqsədi təkcə “qovulmuş Şeytandan Allaha sığınıram” ifadəsi ilə kifayətlənməni çatdırmaq deyil. Ayəyə görə bu ifadəni fikrə, fikri isə daxili hala çevirməli, hər bir ayəni oxuyarkən bizimlə həyat bəxş edən kəlam arasında maneə yaradan Şeytan vəsəvəsələrindən Allaha sığınmalıyıq[61]. 103. Biz onların: “Bu ayələri ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların nəzərdə tutduqları adamın dili ərəb dili olmadığı halda, bu, açıq-aydın ərəb dilidir. Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün üzücü bir əzab vardır. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Əsl yalançılar onlardır. Qəlbləri imanla əminlik tapdığı halda, məcbur edilən şəxslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah imansızları (inadkarları) doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Əsl qafillər onlardır. Axirətdə ziyana uğrayanlar da onlardır. Aldandıqdan sonra (iman gətirib) hicrət edənləri, daha sonra cihad edib əzmkarlıq göstərənləri, bunlardan sonra əlbəttə, Rəbbin bağış­­layandır, rəhimlidir. ———————————————————————————- Kafirlər Quranı kimə aid edirdilər? Bu ayədə nəzərdə tutulan şəxsin kimliyi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Həmin fikirlərin məcmusundan belə başa düşülür ki, o, Məkkədə yaşayan və kitab əhlinin kitablarından xəbəri olan, xristian etiqadlı, Bəni-Həzrəminin azad etdiyi rumlu bir qul olmuşdur. Müşriklər Peyğəmbəri (s) Quranı həmin şəxsdən öyrənməkdə ittiham edirdilər. Quran onlara cavab verir ki, ümumiyyətlə, həmin şəxsin dili ərəb dili deyildi. Ancaq Quran açıq-aşkar ərəb dilindədir. Ərəbdilli olmayan bir şəxsin ərəbcəsi ədəbi və bədii cəhətdən çox yüksək səviyyədə olan Quranı yazıb-oxumağı bilməyən Peyğəmbər (s) kimi bir şəxsə öyrətməsi isə mümkün deyil[62]. Mömin yalan danışmaz: Bu ayə yalanın çirkinliyindən bəhs edən mühüm ayələrdəndir. Ayədə yalançılar kafirlər və Allahın ayələrini inkar edənlər səviyyəsinə endirilmişdir. Ayənin nəzər nöqtəsi Allah və Peyğəmbərə (s) iftira atmaq olsa da, yalanın çirkinliyinin də təsviri verilmişdir. Bu ayəyə əsasən yalan imanla tərs mütənasibdir. Çünki yalan münafiqlik əlaməti, münafiqlik isə imanın tam əksidir[63]. Bir nəfər Peyğəmbərdən (s) “mömin zina edərmi?” – deyə soruşduqda Peyğəmbər (s): “Mümkündür”, – deyə cavab verir. Həmin şəxs: “Oğurluq edərmi?” – deyə soruşduqda Peyğəmbər (s): “Belə bir günaha aludə olub imanlı qalması mümkündür” – deyə cavab verir. Bu şəxs: “Bəs mömin yalan danışarmı?” – deyə soruşduqda Peyğəmbər (s) buyurur: “Xeyr!” Sonra bu ayəni buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.”[64] Təqiyyə (insanın öz etiqad və inancını gizlətməsi): Hədislərdə bu ayənin Peyğəmbərin (s) vəfalı dostu olan Əmmar Yasir haqqında nazil olduğu qeyd edilmişdir. Qüreyş müşrikləri Əmmarın atası Yasir, anası Süməyyə, habelə İslamı təzə qəbul etmiş Bilal və Xubabı tutub dinlərindən və Peyğəmbərdən (s) üz döndərmələrini tələb edir, dözülməz işgəncələrə məruz qoyurdular. Ağır işgəncələr nəticəsində Əmmarın ata və anası işgəncələrə dözməyib canlarını tapşırır. Ancaq Bilal və Xubab işgəncələrə dözüb dillərinə küfr söz gətirmirlər. Əmmar Yasir isə dözə bilməyəcəyini görüb müşriklərin istədiklərini deyir və canını onların əlindən xilas edir. Bu xəbər müsəlmanlar arasında yayıldıqda bəziləri onu küfr və mürtədlikdə ittiham edirlər. Ancaq Peyğəmbər (s) bu şayiəni qəbul etməyib, Əmmarın müdafiəsinə qalxır. Bir müddətdən sonra Əmmar gözüyaşlı halda Peyğəmbərin (s) yanına gəlib dediklərinə görə peşmançılıq hissi keçirdiyni bildirir. Peyğəmbər (s) buyurur: “Kafir olduğunu söylədiyin vaxt qəlbində hansı etiqadı daşıyırdın?” Əmmar deyir: Qəlbim rahat və imanla dolu idi. Peyğəmbər (s) buyurur: “Əgər sənə yenə də təzyiq göstərsələr, istədiklərini de və canını xilas et!”[65] Bu ayədən, onun nazilolma səbəbi və çoxsaylı hədislərdən belə məlum olur ki, təqiyyənin müxtəlif formaları bir çox yerlərdə icazəli, hətta vacibdir. Daha çox məlumat əldə etmək istəyənlər “Ali-İmran” surəsinin 28-ci ayəsinə baxa bilərlər. O gün hər kəs özünü müdafiə edəcək, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir. Allah təhlükəsizlik və əmin-amanlıq içində olan abad bir bölgəni misal çəkir. Ona ruzisi hər yerdən davamlı olaraq gəlirdi. Ancaq Allahın nemətlərinə nankorluq etdi. Allah da etdikləri əməllərə görə onlara aclıq və qorxu libası geyindirdi. Onlara özlərindən bir elçi gəldi. Onu təkzib etdilər. Buna görə Allahın əzabı onları haqsızlıq etdikləri halda yaxaladı. Allahın sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, nemətinə şükür edin. O, sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsilən heyvanı haram etmişdir. Ancaq həddi aşmadan məcbur olan şəxslər(i Allah bağışlayar. Çünki) Allah bağışlayandır, rəhimlidir! Dilinizə gətirdiyiniz yalana əsasən: “Bu, halaldır, o, haramdır!”– deməyin ki, Allaha iftira atmış olursunuz. Şübhəsiz ki, Allaha iftira atanlar nicat tapmayacaqlar. (Bu dünyada onlara nəsib olmuş) mənfəət azdır, onları sarsıdıcı bir əzab gözləyir. Sənə daha öncə izah etdiyimiz şeyləri yəhudilərə haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri-özlərinə zülm edirdilər. ————————————————————————————– Nemətə nankorluq etməyin cəzası: Məsumlardan biri bu ayə haqqında belə buyurmuşdur: Bu ayə yaşadıqları ərazidən Sərsar adlı çay keçən bir tayfa haqqında nazil olmuşdur. Bu çayın hesabına onların əraziləri bol-bərəkətli, məhsuldar və yamyaşıl idi. Nemətləri o qədər bol oldu ki, Allahın nemətlərinə qarşı naşükürlük etdilər. İş o yerə çatdı ki, xəmirlə öz çirkablarını təmizlədilər. Bunu belə izah edirdilər ki, xəmir yumşaqdır və ondan istifadə edərkən narahatlıq yaratmır. Allahın nemətlərinə qarşı bu cür nankorluq edib onlara qarşı hörmətsizlik etdilər. Buna görə də Allah həmin çayı qurutdu. Nəticədə, quraqlıq yarandı. Allah onları həmin çirkabı təmizlədikləri xəmirlərə möhtac etdi. Hətta iş o yerə çatmışdı ki, həmin xəmir üstündə dava-dalaş salırdılar[66]. Bu ayə və hədis ilahi nemətlər bolluğu içində olan insanlara və xalqlara br xəbərdarlıqdır. İnsanlar bilməlidrlər ki, istənilən növ israfçılığın bir cəzası var. Onun ən aşağı cəzası həmin nemətlərin əldən çıxmasıdır. Hədislərdə bu məsələyə çox əhəmiyyət verilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Atam yeməyə batmış əlini dəsmalla silməzdi. Yeməyə hörmət əlaməti olaraq onu sorardı. Əgər yanında yemək yeyən bir uşağın qabında yemək qalsaydı, həmin qabdakı yeməyi yeyərdi. Bir dəfə dedi: “Bəzən süfrənin kənarına tökülmüş yeməkləri yığıram… Sonra yuxarıda sözügedən tayfanın Allah nemətlərinə, xüsusilə çörəyə qarşı olan nankorluğu və naşükürlüyü ilə bağlı hekayəsini danışdı”[67]. İstəmədən və həddi aşmadan: “Bağin” və ya “baği” sözü mənası tələb və istəmək olan “bəğy” sözündən düzəlmişdir. Burada zövq və ləzzət almaq meyli, Allahın haramının halal sayılması nəzərdə tutulur. “Adin” və ya “adi” sözü mənası həddi aşmaq, təcavüz etmək olan “ədv” sözündən düzəlmişdir. Burada çıxılmaz vəziyyət yarandığı vaxt haram ətdən lazımı miqdardan artıq istifadə nəzərdə tutulur. Əhli-beyt (ə) hədislərində “baği” sözü bəzən zalım, “adi” sözü isə qəsbkar mənasında işlədilmişdir. Hətta “baği” sözü bəzən İmama qarşı qiyam edən, “adi” isə oğurluq edən mənasında işlədilmişdir. Bu hədislərdə ola bilsin ki, zəruri ehtiyac yarandığı vaxt haram ətdən istifadəyə işarə edilmişdir. Zülm, təcavüz və ya oğurluq etmək üçün səfərə çıxan adam belə bir şəraitə düşərsə, canını qorumaq üçün vəzifəsi onlardan istifadə etmək olsa da, tutduğu əməl günah sayılır[68]. Allahın yəhudilərə qoyduğu qadağalar: Bu ayədə “Ənam” surəsinin 146-cı ayəsində sözükeçən məsələlərə işarə edilmişdir. Həmin ayədə belə buyurulur: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Bunu etdikləri haqsızlığa görə onlara cəza olaraq verdik. Biz doğru danışırıq!” “Nisa” surəsinin 160-161-ci ayələrində isə belə buyurulmuşdur: “Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə onlara halal edilmiş gözəl (təmiz, halal) nemətlərin bir hissəsni haram etdik. Habelə qadağan olunmasına baxmayaraq, sələm aldıqları, haqsız yerə xalqın malını yedikləri üçün (halal olanı onlara haram buyurduq)….”[69] Rəbbin bilməməzlikləri üzündən pislik edən, ondan sonra tövbə edib özlərini islah edənlərə qarşı, Rəbbin bunlardan sonra, əlbəttə ki, bağışlayan və rəhm edəndir. İbrahim (təklikdə) Allahın fərmanına müti bir ümmət idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə “imanı xalis olan, müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik. Şənbə günü yalnız bir cəza idi ki, onda da ixtilafa düşdülər. Rəbbin Qiyamət günü ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir. Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin Onun yolundan azanları da, doğru yolda olanları da yaxşı tanıyır. Cəzalandırmaq istəsəniz, yalnız sizə təcavüz edilən miqdarda cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir. Səbir et! Sənin səbirin ancaq Allah üçün və Allahın yardımı ilə olsun. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir. —————————————————————————————— Tövbənin qəbul olunma şərtləri: Bu ayədə tövbənin qəlbdə edilməsi və qəlbdə keçirilən peşmançılıqla məhdudlaşmadığı qeyd edilir. Onun əməllərdə özünü göstərməsi şərt hesab edilir. İnsanın özünü islah etməsi və yanlışlarını aradan qaldırması tövbənin təkmilləşdiricisi sayılır. Yəni ayə bizə onu başa salır ki, bir “əstəğfirullah” cümləsi minlərlə günahın bağışlanmasına səbəb olmur. Bunun üçün əməllərdə mövcud olan yanlışlar aradan qaldırılmalıdır. İnsan ruhları və ya cəmiyyətin günah nəticəsində zərər görmüş hissələri islah və bərpa edilməlidir. Cümlədə bu cəhətə o qədər əhəmiyyət verilir ki, yenidən “Rəbbin bunlardan sonra, əlbəttə ki, bağışlayan və rəhm edəndir” cümləsi ilə ilahi rəhmətin yalnız tövbə və islahatdan sonra mümkün olacağına təkid edilir[70]. İbrahim (ə) bir ümmət idi: İbrahimə (ə) nə üçün ümmət deyilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri bunu onun əzəmətli olması ilə izah edirlər. Bəzən belə deyildiyinin şahidi oluruq: “Filankəs təklikdə bir tayfadır”. Bəziləri burada “ümmət” deyilərkən imam və rəhbər mənasının nəzərdə tutulduğunu qeyd etmişlər. Bəziləri yazır ki, İbrahim (ə) yer üzündə allahpərəst olmadığı, hər kəsin şirk və bütpərəstlik bataqlığında çabaladığı bir vaxt tək olan Allaha yer üzündə ibadət edən yeganə şəxs idi. Deməli, o, təklikdə bir ümmət, müşriklər isə başqa bir ümmət idi. (Sonuncu fikir İmam Sadiqin (ə) bir hədisinin məzmununa əsaslanır)[71]. Nə üçün yəhudilikdə mövcud olmuş bəzi çətin hökmlər qüvvədən düşdü? Bu ayədə etdikləri günahlar ucbatından Allah-taalanın yəhudi tayfalarından birinə qoyduğu qadağalardan, onların bu qadağaları pozmasından, nəticədə, Allahın əzabına düçar olmasından, meymun surətinə düşməsindən bəhs edilir. (Daha ətraflı məlumat almaq istəyənlər “Əraf” surəsinin 163-cü ayəsinə baxa bilərlər). Bu ayə, əslində, “nə üçün yəhudilikdə insanın təbiətinə uyğun olmayan bəzi hökmlər mövcud olub və həmin hökmlər İslam dinində qüvvədən düşüb?” sualına cavab səciyyəsi daşıyır. Quran bu şübhəyə cavab olaraq bildirir ki, sözügedən qadağalar Allah tərəfindən daha öncədən müəyyən edilmiş qadağalar olmamışdır. Allah bu qadağaları yəhudilərin etdikləri günah müqabilində onlara cəza olaraq təyin etmişdir. Həmin qadağalar sonrakı ümmətlərə aid olmamışdır[72]. Allah yoluna bu şəkildə dəvət edin: Bu ayədə təbliğat və Allah yoluna çağırış üsulu, müxaliflərlə mübahisə forması göstərilir: “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et”. Yatmış ağılları oyatmaq və haqqa dəvət yolunda atılan ilk addım düzgün məntiqdən istifadə və hesablanmış dəlillərin təqdimindən ibarətdir. İkinci addım insanların hiss və emosiyalarından istifadədir. Öyüd-nəsihət daha çox emosional səciyyə daşıyır. İnsanların hisslərini oyatmaqla böyük bir kütləni haqqa doğru istiqamətləndirmək olar. Gözəl öyüd-nəsihət deyilərkən kobudluğa yol vermədən, qarşı tərəfi təhqir etmədən, özünü qarşı tərəfdən üstün tutmaq niyyəti güdmədən, inadkarlığa təhrik etmədən və sair kimi neqativ davranışlara yol vermədən edilən nəsihət nəzərdə tutulur. Dini təbliğ yolunda atılan üçüncü addım gözəl mübahisədən ibarətdir. Bu mərhələ beyinəri yanlış düşüncələrlə dolmuş insanlara aiddir. Mübahisə vasitəsilə qarşı tərəfi bu düşüncələrdən xilas etmək lazımdır ki, haqqı qəbul etməyə hazır olsun. Təbii ki, mübahisə gözəl şəkildə aparıldıqda, yəni haqq-ədalət, düzgünlük, əmanət və doğru ilə müşayiət olunan, təhqirə, özünü üstün göstərməyə, lovğalığa, təkəbbürə yol verilməyən, bir sözlə bütün insani dəyərlərin qorunduğu mübahisə effektli və təsirli olur[73]. [1] Nümunə, c.11, səh.137 [2] Əl-Mizan, c.12, səh.193 [3] Əl-Mizan, c.12, səh.196 [4] Nümunə, c.11, səh.142 [5] Nümunə, c.11, səh.151; Əl-Mizan, c.12, səh.203 [6] Nümunə, c.11, səh.172 [7] Nümunə, c.11, səh.172 [8] Vəsailüş-şiə, c.25, səh.96 [9] Nümunə, c.11, səh.173 [10] Nümunə, c.11, səh.182 [11] Pəyame-Quran, c.2, səh.222 [12] Nümunə, c.11, səh.183 və 188 [13] Nümunə, c.11, səh.194 [14] Nümunə, c.11, səh.206 [15] Əl-Mizan, c.12, səh.232 [16] Nümunə, c.11, səh.209 [17] Əl-Mizan, c.12, səh.234 [18] Nümunə, c.11, səh.213 [19] Əl-Mizan, c.12, səh.237 [20] Nümunə, c.11, səh.231 [21] Nümunə, c.11, səh.225 [22] Nümunə, c.11, səh.235 [23] Əl-Mizan, c.12, səh.253 [24] Əl-Mizan, c.12, səh.256 [25] Əl-Mizan, c.12, səh.260 [26] Nümunə, c.11, səh.249 [27] Nümunə, c.11, səh.254 [28] Nümunə, c.11, səh.267 [29] Nümunə, c.11, səh.267 [30] Əl-Mizan, c.12, səh.276 [31] Əl-Mizan, c.12, səh.280 [32] Nümunə, c.11, səh.284 [33] Əl-Mizan, c.12, səh.288 [34] Nümunə, c.11, səh.290 [35] Əl-Mizan, c.12, səh.292 [36] Elə bir xəstəlik yoxdur ki, bal şərbəti ilə müalicə olunmasın. [37] Nümunə, c.11, səh.302 [38] Əl-Mizan, c.12, səh.294 [39] Əl-Mizan, c.12, səh.297 [40] Nümunə, c.11, səh.322 [41] Əl-Mizan, c.12, səh.298 [42] Əl-Mizan, c.12, səh.299 [43] Əl-Mizan, c.12, səh.305 [44] Nümunə, c.11, səh.344 [45] Əl-Mizan, c.12, səh.314 [46] Nümunə, c.11, səh.345 [47] Əl-Mizan, c.12, səh.315 [48] Nümunə, c.11, səh.350 [49] Ətyəbül-bəyan, c.8, səh.168 [50] Nümunə, c.11, səh.357 [51] Təfsiri-mövzui, c.2, səh.707 [52] Əl-Mizan, c.12, səh.323; Nümunə, c.11, səh.259; Ətyəbül-bəyan, c.8, səh.174 [53] Nümunə, c.11, səh.361 [54] Nümunə, c.11, səh.366 [55] Əl-Mizan, c.12, səh.335 [56] Nümunə, c.11, səh.381 [57] Ətyəbül-bəyan, c.8, səh.181 [58] Nümunə, c.11, səh.390 [59] Nümunə, c.11, səh.388 [60] Əl-Mizan, c.2, səh.241 [61] Nümunə, c.11, səh.297 [62] Əl-Mizandan iqtibas, c.12, səh.347 [63] Nümunə, c.11, səh.412 [64] Əl-Mizan, c.12, səh.352 [65] Əl-Mizan, c.12, səh.358 [66] Əl-Mizan, c.12, səh.376 [67] Nümunə, c.11, səh.435 [68] Nümunə, c.11, səh.441 [69] Nümunə, c.11, səh.444 [70] Nümunə, c.11, səh.445 [71] Əl-Mizan, c.12, səh.368 və 376 [72] Əl-Mizan, c.12, səh.369 [73] Nümunə, c.11, səh.355

1 2 3 4 5 6 7