Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 01.02.2025

“Nəhl” surəsi

“Nəhl” surəsi Rəhman və Rəhim Allahın adı ilə! (Müşrikləri və günahkarları cəzalanadırmaq üçün) Allahın əmri yetişdi. Ona tələsməyin. Allah müşriklərin Ona qoşduqları ortaqlardan uzaq və ucadır. Öz hökmü ilə qullarından istədiyi hər kəsə mələkləri ruhla göndərib (belə bir göstəriş verir): “İnsanları qorxudub xəbərdar edin ki, Məndən başqa məbud yoxdur. Məndən (Mənə qarşı çıxmaqdan) qorxun!” Göyləri və yeri gerçək yaratmışdır. O, müşriklərin qoşduqları ortaqlardan ucadır. O, insanı dəyərsiz nütfədən yaratdı. Sonda özünün açıq-aşkar müdafiəçisinə çevrildi. Mal-qaranı da O yaratdı. Onlarda sizin üçün geyim vasitəsi və başqa faydalar vardır. Onların ətindən yeyirsiniz. Onları istirahət etdikləri yerə qaytardıqda və (səhərlər) çölə buraxdıqda onlarda sizin üçün əzəmət və gözəllik vardır. ——————————————————————————— 90-91. Quranı bölənlər: Bu ayənin iki məşhur təfsiri var: Birinci təfsirə görə Quranı bölənlər deyilərkən, Allahın dini və hökmlərini öz mənafelərinə uyğun şəkildə bölüb, xeyirlərinə olanları qəbul edən, zərərlərinə olanı inkar edənlər nəzərdə tutulur[1]. İkinci təfsirə görə bu iki ayə həzrət Mühəmməd (s) peyğəmbərliyə seçildiyi ilk vaxtlar insanları Allah yolundan çəkindirmək üçün Quranı parça-parça edənlər nəzərdə tutulur. Buna görə Allah əzab göndərib onları məhv etmişdi. Bəzi hədislərdə onların Qüreyş tayfasından olduğu qeyd edilmişdir. Bu dəstə Quranı cırıb deyirdi: “Quran sehr-cadu və uydurma əfsanələrdir”. Həcc mövsümündə Məkkəyə giriş yollarında adamlar saxlayıb Məkkəyə gələnlərin Peyğəmbərlə (s) görüşməsinə mane olurdular. Bu surənin 95-ci ayəsindəki istehza edənlər deyilərkən də ola bilsin ki, bu dəstə nəzərdə tutulmuşdur. Bu ayəni izah edərkən həmin dəstənin beş nəfərdən ibarət olduğunu qeyd etmişlər. 95-ci ayə nazil olarkən Peyğəmbər (s) onların xar olacağını və sonda onları ən pis şəkildə öldürəcəyini bilirdi[2]. Peyğəmbərin (s) aşkar dəvətə başlaması: Yazılanlara görə həzrət Mühəmməd (s) peyğəmbərliyə seçildikdən sonra üç il gizli təblğat aparmışdır. Peyğəmbərə (s) ilk başlanğıcda az sayda adam iman gətirmişdi. Bəlkə də bu say İmam Əli (ə) və həzrət Xədicə ilə məhdudlaşırdı. Sözügedən ayə nazil olduqda Peyğəmbərə (s) dəvətini aşkara çıxarmaq, artıq gizli deyil, aşkarda təbliğat aparmaq göstərişi verildi[3]. “Nəhl” surəsinin ümumi məzmunu: Bu surənin beş mövzunu əhatə etiyini deyə bilərik: 1. Allahın bəxş etdiyi nemətlərin şərh edlməsi; 2. Tövhidlə bağlı dəlillər, Allahın yaratmaq əzəməti, axirət, müşrik və günahkarların təhdid edilməsi; 3. Müxtəlif İslam hökmlərinin bəyan edilməsi, o cümlədən ədalətli olmaq, yaxşılıq etmək, cihad, günah, zülm, haqsızlıq, əhd sındırmaqdan çəkinməklə bağlı əmr, Allahın bəxş etdiyi nemətlərə görə şükür etmək göstərişi; 4. Müşriklərin bidətlərinin qeyd edilməsi; 5. İnsanların Şeytan vəsvəsəsindən qorunmağa çağırılması[4]. İlahi əzabın qətiliyi və müşriklərin ona tələsməsi: Quranın bəzi ayələrində qeyd edilir ki, kafirlər Peyğəmbərin (s) ilahi əzabla bağlı təhdidləri qarşısında inadkarlıq və təkəbbür göstərərək istehza ilə deyirdilər: Əgər dediyin əzab və cəza düzdürsə, bəs nə üçün gəlmir? Allah-taala bu ayədə kafirələrə xitab edərək buyurur: “Əzaba tələsməyin, Allahın kafirlərlərə əzab göndərilməsi ilə bağlı əmri tezliklə gələcək.” Buna görə də ayədə şühudi keçmiş zaman formasından (“yetişdi” feilindən) istifadə edilmişdir. Bu da əzabın qəti və qaçılmaz olduğunu göstərir. Bu formadan Quranda çox istifadə edilir. Ayrı-ayrı ayələrdə gələcəkdə baş verməsi qəti olan işlər şühudi keçmiş zaman forması ilə ifadə edilmişdir. Sanki o, artıq baş vermiş bir hadisə qədər qətidir. “Allahın əmri” deyilərkən Allahın Peyğəmbərə (s) və möminlərə verdiyi vəd nəzərdə tutulur. Həmin vədində Allah müşrikləri təhdid edir, möminlərə kömək ediləcəyini, kafirləri xar və əzaba düçar edəcəyini, dinini aşakar edəcəyini, sonda küfr və şirkin kökünü kəsəcəyini elan edir. Bəzi hədislərdə bu ayədə həzrət Mehdinin (ə) zühuruna işarə edildiyi və ayənin Allahın bu barədə olan əmrinin ən parlaq nümunəsi olduğu qeyd eidlmişdir[5]. Onlar sizin ağır yüklərinizi özünüzün çətinliklə apara biləcəyiniz bir şəhərə daşıyır. Rəbbiniz mərhəmətlidir, rəhimlidir. Atları, qatırları və uzunqulaqları həm minməyiniz, həm də sizə zinət olsun deyə yaratdı. Hələ bilmədiyiniz çox şeylər yaradacaqdır. Doğru yol göstərmək Allaha aiddir. Ancaq bəzi yollar əyridir. Əgər Allah istəsə, sizin hamınızı düz yola yönləndirər. (Ancaq məcburi olduğu üçün faydası yoxdur.) Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də heyvanlarınızı otardığınız bitki və ağaclar üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün aydın dəlil vardır. O, gecəni və gündüzü, günəşi və ayı sizə ram etdi. Ulduzlar da Onun əmri ilə sizə ram edilmişdir. Sözsüz ki, bunda ağlını işlədən insanlar üçün əlamətlər vardır. Yer üzündə yaratdığı rəngarəng varlıqları da sizə ram etdi. Bunda xatırlayan insanlar üçün dəlillər vardır. O, təzə ət yeməyiniz və taxmaqdan ötrü zinət əşyaları çıxarmağınız üçün dənizi də sizə ram etdi. Allahın lütfündən faydalanasınız deyə, dənizin bağrını dələn gəmiləri görürsən. Bəlkə Onun nemətlərinə şükür edəsiniz. ————————————————————————————- Doğru yolu göstərmək Allaha aiddir: Əvvəlki ayədə insanın maddi tələbatlarını ödəməsi üçün quruda istifadə etdiyi minik vasitələrindən söhbət açılmışdır. Bu ayədə Allah insanın mənəviyyat yoluna işarə edərək kamilliyə çatması üçün ona yol göstərəcəyini buyurur. Bu istiqamətləndirmə iki vasitə ilə gerçəkləşir: 1. Daxildən insanı yaxşı işlər görməyə və kamilliyə səsləyən fitrət yolu; 2. Xaricdən insanı Allaha doğru dəvət edən peyğəmbərlər və səmavi kitablar. Əlbəttə, bəziləri hesab edə bilər ki, əgər doğru yolu göstərmək Allaha vacibdirsə, bəs onda nə üçün insanlar doğru yolda deyil? Bu, Allahın acizliyindən xəbər vermirmi? Yəni Allah insanları doğru yola yönəldə bilmir. (Allaha sığınırıq bu sözü deməkdən.) Allah-taala belə bir şübhənin yaranmasının qarşısını almaq üçün ayənin sonunda belə buyurur: “Əgər Allah istəsə, sizin hamınızı düz yola yönləndirər.” Bu, o deməkdir ki, Allah bəndələrin doğru yola məcburi deyil, öz seçimləri ilə, ixtiyari şəkildə yönlənməsini istəyir. Başqa sözlə desək, öz ixtiyar və iradələri ilə yaxşı işlər görüb günahlardan çəkinərək ilahi hidayətə layiq görülsünlər. Maraqlıdır ki, bu ayədə Allah insana mənəvi yolu göstərməyi Özünə lazım hesab etmişdir. Halbuki maddi nemətlərlə bağlı belə bir söz deməmişdir. Bu da hidayət nemətinin maddi nemətlərdən daha üstün olduğunu göstərir[6]. Zeytun, xurma və üzümün xüsusiyyətləri: Ortaya belə bir sual çıxa bilər ki, nə üçün Quranda yalnız üç meyvəyə, yəni zeytun, üzüm və xurmaya daha çox əhəmiyyət verilmişdir? Ola bilsin ki, bu, digər meyvələrlə müqayisədə onların daha çox faydalı olması ilə bağlıdır. Bədənin enerji təminatında zeytun yağının çox böyük əhəmiyyəti var, hərarət kalorisi çox yüksəkdir. Buna görə də gücləndirici vasitə hesab edilir. Zeytun yağı həm də qaraciyərin səmimi dostu hesab edilir. Böyrək fəsadlarının, öd daşlarının, böyrək sancılarının, qəbzlərin aradan qaldırılmasında çox faydalıdır. Quranda zeytun ağacı “mübarək ağac” adlandırılmışdır[7]. İmam Həsən (ə) hədislərinin birində belə buyurmuşdur: “Adəm (ə) oğluna vəsiyyət edərkən ona belə buyurmuşdur: Zeytun ye, çünki o, xeyirli və bərəkətli ağaclardandır.”[8] Xurma sümüklərin möhkəmlənməsində əsas rol oynayan zəngin kalsium ehtiyatına, beyinin əsas ünsürlərindən olan, əsəb və yorğunluğun qarşısını alan, görməni yaxşılaşdıran fosfora malikdir. Xurmada olan potasium mədə yarasının meydana gəlməsinin qarşısını alır. Potasium ümumyyətlə bədən əzələləri və toxumaları üçün böyük əhəmiyyət daşıyır. Statistika göstərir ki, xurma istifadəçiləri xərçəng xəstəliynə daha az tutulurlar. Ümumiyyətlə, bu, maqneziumun mövcudluğu ilə bağlıdır. Xurmada mövcud olan şəkər ən yaxşı şəkərlərdəndir. Belə ki, hətta şəkər xəstəsi olanlar da ondan istifadə edə bilərlər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Xurma olmayan evin sakinləri acdır”. Həkimlər üzümü təbii əczaxana hesab edirlər. Üzüm təqribən ana südünün malik olduğu xüsusiyyətlərə malikdir.  Buna görə tam bir qida hesab edilir. Üzüm bədəndə ətdən iki dəfə artıq hərarət yaradır. Bundan başqa, antitoksik keyfiyyətə malikdir. Qanın təmizlənməsi, revmatizm, podaqra, qan cövhərinin çoxluğu xəstəliklərinin müalicəsində çox böyük əhəmiyyəti var. Üzüm mədə-bağırsaq sistemini təmizləyir, stressi azaldır, insana xoş əhval-ruhiyyə bəxş edir. Bu meyvə çox qiymətli qida növü olmaqla yanaşı, mikrobları məhv etmək gücünə malikdir, hətta xərçəng xəstəliyi ilə mübarizədə mühüm rol oynayır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Sizin ən yaxşı meyvəniz üzümdür”[9].   O, sizi silkələməsin deyə, yer üzündə sabit və möhkəm dağlar, düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı. Əlamətlər yaratdı. (Gecələr) ulduzlar vasitəsilə istiqamətlərini müəyyənləşdirirlər. Yaradan yaratmayan kimidirmi? Xatırlamırsınızmı? Əgər Allahın nemətlərini saymalı olsanız, əsla sayıb qurtara bilməzsiniz. Allah bağışlayandır, rəhm­­lidir. Allah gizli saxladığınızı da, aşkara çıxartdığınızı da bilir. Allahdan başqa çağırdığınız məbudlar heç bir şey yarada bilməzlər. Çünki onlar özləri də yaradılmışlar. Onlar dirilə bilməyəcək ölülərdir və (ibadət edənlərinin) nə vaxt qaldırılacaqlarını da bilmirlər. Sizin məbudunuz tək olan Allahdır. Axirətə inanmayanların qəlbi (haqqı) inkar edir. Özləri də təkəbbürlüdürlər. Şübhəsiz Allah onların gizli saxladığından da, aşkara çıxartdığından da xəbərdardır. O, təkəbbürlüləri sevmir. Onlardan: “Rəbbiniz nə nazil etmişdir?”– deyə soruşulduqda, onlar: “Bunlar (ilahi vəhy deyil,) keçmişdəkilərin uydurma nağıllarıdır!”– deyərlər. Onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşımalıdırlar. Bilin, onlar pis bir ağır yük daşıyırlar. Onlardan öncəkilər də belə hiylələr qurmuşdular. Lakin Allah onların (həyat) tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara bilmədikləri yerdən gəldi. ————————————————————————————- Yerin qoruyucuları: Bu cümlə Quranın bir neçə yerində təkrar edilmişdir. Ümumiyyətlə, dağların quruluşu elədir ki, onlar kökdən bir-birinə birləşmiş və sanki zireh kimi yer kürəsini əhatə etmişlər. Bu da yeraltı qazların təzyiqi nəticəsində hər an baş vermə ehtimalı olan təkanların qarşısının alınmasında böyük rol oynayır. Bundan əlavə, dağların xüsusi vəziyyəti yer səthinin ayın cazibəsi (qabarma və çəkilmə) qarşısındakı müqavimətini artırır və cazibənin təsirini minimuma endirir. Həmçinin o,  güclü tufan və daimi hava axınının yerin  səthinə göstərdiyi böyük təzyiqləri  azaldır. Çünki dağlar olmasaydı, yerin hamar səthi davamlı olaraq güclü küləklərə məruz qalar və onda rahatlığın təsəvvür edilməsi  mümkünsüz olardı[10]. Bu ayədən çayların yaranması ilə dağların meydana gəlməsi arasında əlaqə olduğu başa düşülür. Bütün il boyu axan və susuz əraziləri su ilə təmin edən böyük çaylar dağların zirvəsində qar və buz formasında toplanmış sular sayəsində meydana gəlir. Buna görə də dünyanın böyük dağları mövcud çayların mənbəyi hesab edilir. Bəziləri səhvən düşünə bilər ki, dağlar yerin hissələrini bir-birindən ayırır, gediş-gəlişlərə, yerüstü hərəkətlərə mane olur. Ancaq bu ayədə Allah-taala yollarını azmamaları və mənzil başına çatmaları üçün dağlarda yollar və dərələr yaratdığını buyurmuşdur[11]. Yerdə və göydə olan əlamətlər: Allah öncəki ayədə yol nemətindən söz açmışdır. Yollarda əlamət və nişanlar olmadan insan mənzil başına çata bilmədiyi üçün sonrakı ayədə əlamətlərə işarə etmişdir. Dağ və dərələrin forması, yer kürəsinin eniş və yoxuşları, torpaq və dağların rəngləri və sair insanı azmağa qoymayan əlamətlərdir. Əgər yer üzü bir cür və eyni şəkildə olsaydı, düz yolla hərəkət etmək mümkün olmazdı və insan hər an aza və yolunu qarışdıra bilərdi. Bəzən insanlar gecə vaxtı səhra və ya okeanlarda hərəkət etməli olurlar. Səhra və dənizlərdə bu əlamətlər olmadığı üçün Allah göydəki əlamətləri, yəni ulduzları insanların yardımına göndərir ki, məqsədlərinə çatsınlar. Bu ayələrdə maddi yollar və əlamətlərdən danışılsa da, Quranın bu kontekstdəki bəyanı insanın mənəvi həyatı üçün bir meyar ola bilər. Çünki istənilən müqəddəs hədəfə nail olmaq üçün insanın doğru yol seçməsi zəruridir. Xoşbəxtlik yolunu səhv salmamaq və haqq yoldan sapmamaq üçün əlamət və nişanələrin həyati əhəmiyyəti vardır. Əhli-beyt (ə) hədislərində ayədəki “ulduz” sözü Peyğəmbər (s), “əlamətlər” sözü isə imamlar (ə) kimi yozulmuşdur. Əlbəttə, bu da ayənin mənəvi təfsirinə işarədir[12]. Təkəbbürlülük kafirlərə xas olan xüsusiyyətdir: Quranın bir neçə ayəsində təkəbbür kafirlərə xas olan xüsusiyyət kimi təqdim edilmişdir. Amma burada “təkəbbür” deyilərkən haqq qarşısında təkəbbür və inadkarlıq göstərmək, onu qəbul etməmək nəzərdə tutulur. Bu növ təkəbbür bütün hidayət yollarını insanın üzünə bağlayır və onu bütün ömrü boyu bədbəxtlik, günah və imansızlıq içində saxlayır. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “İblis Allahın düşməni, təəssübkeşlərin öndəri, təkəbbürlülərin rəhbəridir”. Buna görə də varlı və yoxsul olmasından asılı olmayaraq haqqı qəbul etməkdən boyun qaçıran hər kəs təkəbbürlü sayılır. Əlbəttə bunu da inkar etmək olmaz ki, insanın haqqı qəbul etməsinə çox vaxt sərvət və var-dövlətin çoxluğu mane olur[13]. Rəhbərlər və ənənə baniləri davamçıların əməllərinə şərikdirlər: Hər hansı bir yaxşı və ya pis işin səbəbləri arasında rəhbərlər, istiqamətləndiricilər və ənənə baniləri çox mühüm rol oynayırlar. Buna görə də Quran ayələri və hədislərdə xeyir və şər istiqamətləndiriciləri davamçılarının mükafat və cəzasında onlara ortaq olduqları qeyd edilmişdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Hər kəs düz yola dəvət etsə və ona tabe olsalar, dəvətçi davamçılarının mükafatı mislində mükafata layiq görüləcək və onların mükafatından heç nə əskilməyəcək. Hər kəs yanlış yola dəvət etsə və ona tabe olsalar, dəvətçi davamçılarının cəzası mislində cəzaya layiq görüləcək və onların cəzasından heç nə əskilməyəcək.”[14] Sonra Qiyamət günü Allah onları rüsvay edərək deyəcək: “Mənə qoşduğunuz və haqlarında mübahisə etdiyiniz şəriklər haradadır?” Elm verilmiş şəxslər deyəcəklər: “Bu gün kafirlər rüsvay və bədbəxt olacaqlar!” Mələklər özlərinə zülm etmiş bu şəxslərin canlarını aldıqları zaman onlar təslim olub: “Biz pis bir iş görmürdük!”(– deyəcəklər). Bəli, Allah sizin nələr etdiyinizi bilir. (Onlara deyiləcək:) İndi içində əbədi qalacağınız Cəhənnəmin qapılarından daxil olun! Təkəbbürlülərin qalacağı yer necə də pisdir!” Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir (və xoşbəxtlik)!”– deyərlər. Xeyirli işlər görənlər üçün bu dünyada gözəl mükafat var. Axirət yurdu isə ondan da xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir. Onlar hamısı ağacları altından çaylar axan əbədi Cənnət bağlarına daxil olacaqlar. Orada istədikləri hər şey var. Allah müttəqiləri belə mükafatlandırır. Bunlar həmin şəxslərdir ki, mələklər onların canını tərtəmiz olduqları halda, alıb deyərlər: “Sizə salam olsun! Etdiyiniz əməllərə görə Cənnətə girin!” Yoxsa (kafirlər) mələklərin onların yanına gəlməsindən və yaxud Rəbbinin əmrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? (Gözləyirlər ki, onlar gəldikdən sonra tövbə etsinlər? Ancaq həmin vaxt etdikləri tövbənin heç bir əhəmiyyəti yoxdur.) Onlardan əvvəlkilər də belə etmişdilər. Allah onlara zülm etmədi, lakin onlar özləri-özlərinə zülm edirdilər. Nəhayət, törətdikləri əməllərin acı nəticələri onlara nəsib oldu və istehza etdikləri (əzab) onları yaxaladı. ————————————————————————————— Elm verilmiş şəxslər: Quranın bu və digər ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, “elm verilmiş şəxslər” deyilərkən Allahın tək olduğuna əminliklə inanan, tövhid həqiqətinə varmış, habelə xəta və nöqsandan uzaq olan məsum şəxslər nəzərdə tutulur. Buna görə də Qiyamət günü onlara danışmaq icazəsi veriləcək. “Nəbə” surəsinin 38-ci ayəsində Qiyamət haqqında belə buyurulduğunu oxuyuruq: “Rəhmanın izin verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir!” Söz yalnız o zaman düz olur ki, onu deyən şəxs xətadan, batildən və əbəs danışıqlardan uzaq olsun. Yalnız o adamın danışığı və dediyi sözlər xəta və nöqsandan tamamilə uzaq ola bilər ki, onu danışan şəxs davranışlarında xəta və nöqsandan tamamilə uzaq olsun. Deməli, elm verilmiş şəxslər yalnız haqqı görən, yalnız həqiqəti danışan və yalnız doğru olanı edən şəxslərdir. Bu, Qurandan əldə edilən bir məzmundur. Bəzi hədislərdə bu şəxslərin məsum imamlar (ə) olduğu qeyd edilmişdir[15]. Faydası olamayan itaətkarlıq: Haqqın tam şahidi olduqdan sonra onu inkar edən az adam tapılar. Buna görə də günahkarlar və zülmkarlar qəflət və qürur pərdələrinin qalxdığı, Bərzəx gözünün açıldığı ölüm astanasında iman gətirdiklərini elan edirlər. Ancaq bu məqamda da müxtəlif sözlər danışırlar. Bəziləri öz çirkin işlərindən imtina edib “biz pis bir iş görmürdük” deyirlər. Bu şəxlsər dünya həyatında o qədər yalan danışıblar ki, yalan artıq onların vücudunun tərkib hissəsinə çevrilib. Onar hətta yalan danışmağın heç bir əhəmiyyət vermədiyi yerdə də yalan danışırlar. Bəziləri peşman olduqlarını etiraf edib dünyaya qayıtmaq istədiklərini bildirirlər (Səcdə surəsi, 12-ci ayə). Bəziləri Firon kimi, sadəcə, iman gətirdiklərini deyirlər (Yunus surəsi, 90-cı ayə). Əlbəttə, bu sözlərin heç biri qəbul edilməyəcək. Çünki artıq gec olacaq. Bu cür iman gətirmə çıxılmazlığın nəticəsi kimi meydana gəldiyi üçün heç bir faydası olmaz[16]. Təqva dünya və axirət xoşbəxtliyinin amilidir: Dünya mükafatı deyilərkən bu dünyada edilən yaxşı işlərə görə verilən mükafat, ədalət və gözəl davranışların hökm sürdüyü sağlam cəmiyyətdən faydalanma, inkişaf və xoşbəxtlik əsasında əldə edilmiş pak və təmiz həyat nəzərdə tutulur. Bu, təqvalıların dünya mükafatıdır. Ancaq onların axirət evi daha yaxşıdır. Çünki onun zövqü bitən deyil, neməti əziyyətsiz əldə edilir, xoşbəxtliyini bədbəxtlik təqib etmir. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey Allahın bəndələri! Bəndənin Allahın rəhmət və məğfirətinə ən yaxın olduğu vaxt Allaha itaət etdiyi və ciddiyyətlə tövbə etdiyi vaxtdır. Sizə bütün xeyirləri nəsibiniz edən təqvanı sifariş edirəm. Təqvadan başqa heç nədə xeyir yoxdur. İnsan təqva vasitəsilə dünya və axirət xeyrindən pay alır. Belə ki, Allah-taala buyurmuşdur: “Allahdan qorxub pis əməllərdən çəkinənlər…”[17] Orada istədikləri hər şey var: Demək olar ki, Cənnət nemətlərini təsvir etmək üçün bundan geniş və bundan əhatəli ifadə ola bilməz. Bu ifadə hətta “Zuxruf” surəsinin 71-ci ayəsində olan ifadədən də əhatəli görünür. Həmin ayədə belə buyurulmuşdur: “Cənnətdə ürək istəyən, gözlərin baxmaqdan zövq aldığı hər şey var”[18]. Müşriklər dedilər: “Əgər Allah istəsəydi, biz də, atalarımız da Ondan qeyrisinə ibadət etməz və Onun izni olmadan heç nəyi haram saymazdıq!” (Bəli,) onlardan əvvəlkilər də eyni şəkildə davranmışdılar. Məgər elçilərin vəzifəsi ancaq açıq-aşkar təbliğat aparmaq deyilmi? Biz hər ümmətə: “Tək olan Allaha ibadət edin, həddi aşanlardan uzaq durun”– deyə, elçi göndərdik. Allah kimisini doğru yola yönəltdi, kimisinə də azmaq nəsib etdi. Yer üzündə gəzib dolaşın və görün yalan sayanların aqibəti necə oldu! Sən onların doğru yola gəlməsini nə qədər istəsən də, (faydası yoxdur, çünki) Allah azdırdığı kimsələri doğru yola yönəltməz və onların kömək edəni olmayacaq. Onlar Allaha möhkəm and içdilər ki: “Allah ölən bir kəsi diriltməyəcəkdir!” Əslində, bu (hesab günü bütün ölənləri diriltmək), Allahın qəti vədidir, ancaq insanların çoxu bilmir. Məqsəd budur ki, ixtilafda olduqları şeyi onlara aydınlatsın və inkar edənlər də yalan danışdıqlarını bilsinlər. Biz bir şeyi istədikdə, ona ancaq: “Ol!”– deyirik, o da olur. Zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət edənlərə bu dünyada gözəl bir yer (və məqam) verəcəyik. Axirət mükafatı isə ondan da böyükdür. Kaş biləydilər! Onlar səbirli olanlar və ancaq Rəblərinə təvəkkül edənlərdir. ————————————————————————————– Bütpərəstlərin peyğəmbərliklə bağlı şübhəsi: Ayədə peyğəmbərliyi inkar edən bütpərəsətlərin peyğəmbərliyə qarşı irəli sürdüyü bir şübhədən söz açılmışdır. Belə ki, Peyğəmbər (s) zamanının bütpərəstləri deyirdilər: Əgər peyğəmbərlik missiyası doğru olsaydı, peyğəmbərlərin bütpərəstliyi qadağan etməsi və Allah Özünün icazəsi olmadan nələrinsə haram edilməsini yasaq etsəydi, şübhəsiz ki, biz bu işləri görməzdik. Çünki Allah bir şeyi istəyərsə, həmin şey olar; əgər Allah bizim müşrik olmamağımızı istəsəydi, biz müşrik olmazdıq. Deməli, Allah belə bir şey istəməyib, ümumiyyətlə, şəriət və peyğəmbərlik deyilən bir şey olmamış və yoxdur. Allah-taala müşriklərin bu şübhəsnə iki konkret cümlə ilə cavab verir: Birincisi, bu, təzə söhbət deyil. Keçmiş müşriklər də bütə sitayiş edir, Allahın icazəsi olmadan nələrisə haram edir, peyğəmbərlərin qadağaları qarşısında eyni bəhanələri gətirir, buna görə də əzaba düçar olurdular. İkincisi, peyğəmbərlərin vəzifəsi insanları qeyri-adi şəkildə təkallahlığa dəvət və Allahın əmrlərinə məcbur etmək deyil. Onların vəzifəsi yalnız xəbər çatdırmaq, insanları dəvət etmək və doğru yolu göstərməkdən ibarətdir[19]. Tövhid inancına dəvət və həddi aşanlarla mübarizə peyğəmbərlərin dəvətinin əsasını təşkil edir: Bu ayəyə əsasən tövhid inancına dəvət və tağutla mübarizə bütün peyğəmbərlərin dəvətinin əsasını təşkil etmişdir. Çünki tövhidin əsasları möhkəm olmasa, həddini aşanlar cəmiyyətlərdən və insan təfəkküründən təmizlənməsə, heç bir islah olmuş proqram icra edilə bilməz. “Tağut” tüğyan sözünün mübaliğə mənasını ifadə edən formasıdır. Mənası hədd və hüdudları aşmaq deməkdir. Allahın müəyyən etdiyi bütün hədlərin pozulmasına səbəb olan vasitəyə deyilir. Buna görə də Şeytan, büt, despot hakim, zülmkar, təkəbbürlü insan, habelə nahaqla nəticələnən bütün yollara tağut deyilir[20]. Kimlər hidayət olunmağa layiq deyillər? “Allah azdırdığı kimsələri doğru yola yönəltməz”. Təbii ki, bu cümlə bütün haqq yoldan sapmışlara aid deyil. Çünki peyğəmbərlərin vəzifəsi təbliğ etmək, doğru yola yönəltməkdir. Tarix də bu təbliğ və yönəldilmələrin əksər yolunu azmışlara təsir göstərdiyini, onların doğru yola gəldiyini və eşqlə onu müdafiə etdiklərini təsdiq edir. Bu cümlə yalnız inadkarlığın zürvə nöqtəsinə çatan, hidayət yolunun qapılarının tamamilə bağlanmasına səbəb olacaq qədər təkəbbür, qürur, qəflət və günah girdabına batanlara aiddir. Məhz bu adamlardır ki, peyğəmbərlər onların xilası üçün nə qədər çalışsalar da, heç bir nəticə hasil olmaz. Onlar etdikləri əməllər nəticəsində doğru yoldan elə uzaq düşüblər ki, artıq hidayət olunmağa layiq deyillər[21]. 41-42. Hicrət etməyin dünya və axirətdə mükafatı: Bu ayənin nazilolma səbəbi ilə bağlı belə qeyd edilmişdir: Bir qrup müsəlman Məkkədə İslamı qəbul etdikdən sonra ciddi təzyiqlərə məruz qalırdı. İslamı gücləndirmək və öz səslərini başqalarına çatdırmaqdan ötrü Peyğəmbərdən (s) sonra Mədinəyə hicrət etdilər. Bu hicrət onların və digər müsəlmanların qələbəsinə səbəb oldu. Bu ərəfədə Süheyb adlı yaşlı bir kişi Məkkə müşriklərinə belə bir təklif irəli sürür: Mən yaşlı br kişiyəm. Mənim sizinlə bir yerdə olmağımın sizə elə bir faydası yoxdur. Əgər sizə qarşı olsam, sizə zərərim toxunmaz. Gəlin mənim mallarımı götürün və Mədinəyə getməyimə icazə verin. Məkkə müşrikləri razılaşırlar. Süheyb bütün malını-mülkünü onlara verib Mədinəyə hicrət edir. Bəziləri Süheybə deyir: “Faydalı al-ver etmisən”. Həmin vaxt bu ayə nazil olur, onun və onun kimilərin bu və o biri dünyadakı qələbə xəbərini çatdırır. Əlbəttə, İslamın ilk vaxtlarının mühacirlərinin fədakarlıqları olmasaydı, İslamın səsi beşikdəcə boğulardı. Ancaq mühacirlər bu hesablanmış sıçrayışla az müddətdən sonra Məkkəni öz hakimiyyətləri altına alır, İslamın səsini bütün dünyaya çatdırırlar. Bu, bütün şəraitlərdə hər bir müsəlmana dərs ola biləcək bir davranışdır[22]. Mühacirlərin hicrət etməsinin məqsədi sağlam cəmiyyət olmuşdur: Yaxşı və münasib yer deyilərkən yalnız Allaha ibadət edilən, ədalət və yaxşılıqların hökm sürdüyü təmiz və sağlam cəmiyyət nəzərdə tutulur. Mühacirlərin hicrət etməsinin səbəbi də məhz belə bir cəmiyyət yaratmaq olmuşdur[23]. Biz səndən əvvəl də yalnız vəhy etdiyimiz kişiləri göndərmişdik. Əgər bilmirsinizsə, bilənlərdən so­­ruşun. Aydın dəlillər və (əvvəlki peyğəmbərlərə göndərilən) kitabları (bilənlərdən soruşun). Biz bu zikri (Quranı) sənə nazil etdik ki, insanlara göndəriləni onlara izah edəsən və bəlkə düşünələr. Hiyləgərlər Allahın onları yerə batırmayacağına və yaxud əzabın onlara gözləmədikləri bir yerdən gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman (Allahın) onları yaxalamayacağındanmı (əmindirlər)? Halbuki onlar yaxa qurtara bilməyəcəklər. Yaxud qorxulu xəbərdarlıqların tədricən onları çətin vəziyyətə salmayacağındanmı (əmindirlər)? Çünki Rəbbiniz mərhəmətlidir, rəhimlidir. Məgər onlar Allahın yaratdıqlarının sağdan-sola hərəkət edərək Allaha müti şəkildə səcdə etdiklərini görmürlərmi? (Təkcə kölgələr deyil,) göylərdə və yerdə olan canlıların hamısı, mələklər də təkəbbür göstərmədən Allaha səcdə edirlər. Onlar hakimləri olan Rəblərindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər. Allah: “İki məbud seçməyin! Məbud(unuz) həmin tək olan Allahdır. Yalnız Məndən qorxun!”– deyə əmr etdi. Göylərdə və yerdə nə varsa, Onundur. Xalis din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? Malik olduğunuz nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman yalnız Onu çağırırsınız. Bəlanı sizdən sovuşdurduqdan sonra sizlərdən bəziləri Rəblərinə şərik qoşur. ————————————————————————————— Əgər bilmirsinizsə, bilənlərdən soruşun: Qüreyş müşrikləri güman edirdilər ki, insan peyğəmbərlik məqamına çata bilməz, peyğəmbərlik mələklərə xas olan xüsusiyyətlərdəndir. Müxtəlif ayələrdə bu şübhəyə cavab verilmişdir. O cümlədən, bu ayədə də onlara cavab verilir ki, təkcə İslam peyğəmbəri deyil, bütün peyğəmbərlər insandırlar, onlara vəhy edilir. Peyğəmbərlərə insanları ilahi dinə adi və təbii qaydalar çərçivəsində dəvət etmək əmr edilib. İnsanlar öz aralarından seçilən insanların dəvətlərinə müsbət və ya mənfi cavabı ixtiyari şəkildə verməlidirlər. Sonra Allah-taala bu məsələni sübuta yetirmək üçün belə buyurur: “Bu həqiqəti başa düşmək üçün bilənlərə müraciət edin və onlardan soruşun!” Yəni siz, ey kafirlər, bu məsələni İslam peyğəmbərindən (s) qəbul etmirsinizsə, kitab əhlinin alimlərindən soruşun, xüsusilə Peyğəmbərlə (s) düşmən, sizinlə dost olan yəhudilərdən onların peyğəmbərlərinin necə olduqlarını soruşun! Şübhəsiz ki, onlar da sizə Quranın sözünü deyəcəklər. Əlbəttə, “əgər bilmirsinizsə, bilənlərdən soruşun!” cümləsi bizi mühüm bir əqli qanuna istiqamətləndirir. O da budur ki, kimsə hər hansı məsələni bilmirsə, həmin məsələni öyrənmək üçün mütəxəssisə müraciət etsin. Bu səbəbdən də bir çox hədislərdə “bilənlər” (zikr əhli) deyilərkən Əhli-beytin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir. Çünki Peyğəmbərin (s) “Səqəleyn” hədisindəki açıq bəyanına əsasən insanları dini məlumatsızlıqdan və sapmadan iki mənbə xilas edə bilər – Qurani-kərim və Peyğəmbərin (s) Əhli-beyti. Deməli, dini dərk etmək üçün onlara müraciət etmək lazımdır[24]. Quranın həqiqi təfsirçiləri: Quranın bu ayəsindən açıq şəkildə başa düşülür ki, birincisi, Quran təklikdə kifayət etmir, ayələrini izah etmək üçün bir izahediciyə ehtiyacı vardır; ikincisi, hər kəs də bu mühüm vəzifəni ifa edəcək səlahiyyətə malik deyil. Bu ayəyə əsasən Peyğəmbərə (s) Quranı təfsir etmək səlahiyyəti verilmişdir. Əhli-beyt (ə) isə Quran ayələrinin təfsir və izahında Peyğəmbərin (ə) davamçısı hesab edilir. Bu fikir təvatür həddə olan “Səqəleyn” və digər hədislərlə sübuta yetir. Lakin səhabələr, tabelər və ya din alimləri Quranın özünə və Peyğəmbər (s) hədislərinə istinad etmədən Quranın ayələrinin təfsir mənbəyi ola bilməzlər. Çünki onlar bu ayənin və dinin digər etimad edilən aşkar dəlillərinin nəzərdə tutduğu subyektlər deyillər[25]. Ayıldıcı xəbərdarlıqlar ilahi rəhmətin bir nümunəsidir: Ayədə qorxuducu xəbərdarlıqlarla müşayiət edilən tədrici bəlalar deyilərkən Allahın birdəfəlik əzabları deyil, bir-birinin ardınca gələn müsibət və bəlalar nəzərdə tutulur. Əgər insanlar bu bəla və müsibətləri gördükdən sonra ayılıb tövbə etsələr, çox yaxşı, əks təqdirdə, son əzab onları yaxalayacaq. Bu növ cəza hiylələri, günahları və təcavüzləri qayıdış və tövbə yolunu bağlayacaq həddə çatmamış insanlar üçündür. Onlar ətraflarında baş verən xoşagəlməz hadisələr, o cümlədən maliyyə sıxıntıları, xəstəlik, əziz insanların itirilməsi kimi hadisələrlə qarşılaşdıqda ayıla bilərlər. Buna görə də Allahın mərhəmət və rəhməti hələ ki, Allahla olan bütün əlaqə və bağlantılarını əldən verməmiş, keçdikləri bütün körpüləri yandırmamış, əvvəlki iki ayədə işarə edilən qruplarla heç bir əlaqəsi olmayan insanlara şamil olur[26]. 48-49. Göylərdə və yerdə nə varsa, Allaha səcdə edir: Əsl həqiqi səcdə son dərəcə təvazökarlıq və itaətkarlıqdan ibarətdir. Əgər bizim yeddi üzvümüzlə etdiyimiz adi səcdə həqiqətən təvazökarlıq və itaətkarlıqla müşayiət olunarsa, sözügedən səcdə nümunələrindən biri hesab edilə bilər. Yaradılış aləminin bütün yaradılmışları varlıq aləminin Allah tərəfindən müəyyən olunmuş ümumi qanunlarına təslim olduqları, bu qanunlardan sapmaqdıqları üçün hamısı Allahın fərmanına mütidirlər, Onun qarşısında səcdə edirlər. Bütün bunlar O alim, qadir, sonsuz və ehtiyacsız varlığın nişanəsidir. Hətta hər gün günəşin doğması və batması ilə yerini dəyişən, sağdan-sola hərəkət edən kölgələr də Allah qarşısındakı bəndəliklərini, təvazökarlıqlarını öz vəziyyətləri ilə elan edirlər[27].       (Qoy) Bizim onlara verdiyimiz ne­­mətlərə nankorluq etsinlər. (Hələlik) bir neçə günlük (dünya malından) bəhrələnsinlər! Ancaq tezliklə biləcəksiniz. Onlar özlərinə verdiyimiz ruzidən heç bir xeyir və ziyanlarını görmədikləri bütlərə pay ayırırlar. Allaha and olsun ki, atdığınız bu iftiralara görə sorğu-sual olunacaqsınız. Onlar qızları Allaha aid edirlər. O, pak və müqəddəsdir. Özlərinə isə istədiklərini aid edirlər. Onlardan birinə qızı olması ilə bağlı müjdə verildikdə üzü qapqara qaralır, bərk əsəbləşir. Verilən pis xəbər üzündən camaatdan gizlənir. (Bilmir nə etsin,) onu rüsvayçılıq içində saxlasın, yoxsa torpağa gömsün? Bilin, pis qərar qəbul edirlər. Çirkin xüsusiyyətlər axirətə inamı olmayanlara xasdır. Ən ali sifətlər isə Allaha məxsusdur. O, qüdrətlidir, hikmət sahibidir. Əgər Allah insanları etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin onlara müəyyən vaxta qədər möhlət ve­­rir. Əcəlləri çatdığında isə bircə saat belə yubanmaz və qabağa düşməzlər. Onlar özlərinin xoşlamadıqlarını (qızları) Allaha aid edirlər. Bununla belə, dilləri yalandan ən gözəl aqibətin onların olacağını söyləyir. Şübhəsiz ki, od onlar üçündür və onlar (Cəhənnəmə) qabaqda gedənlərdir. Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan, əməllərini onlara gözəl­ göstərdi. Bu gün də onların vəlisi və hamisidir. Onlar üçün üzücü bir əzab vardır. Biz kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən. (Bu Quran) mömin camaat üçün hidayət və mərhəmət mənbəyidir. ———————————————————————————- Bütlərin heyvandarlıq və əkinçilikdəki payı: Müşriklərn çirkin adətlərindən biri öz gəlirlərindən bütlərə pay ayırmaları idi. Cahiliyyət dövrünün ərəbləri dəvə və digər heyvanları, eyni zamanda əkin məhsullarından bütlərə pay ayırır, onların yolunda xərcləyirdilər. Halbuki bütlərin onlara nə bir xeyri, nə də bir ziyanı dəyirdi. Bu, onların etdiyi ən axmaq bir əməl idi[28]. Allahın qız sahibi olmasına etiqad bəsləmək: Müşriklərin çirkin adətlərindən biri də cismə xas olan heç bir xüsusiyyətə malik olmayan Allahın qızı olduğuna etiqad bəsləmək idi. Onlar hesab edirdilər ki, mələklər Allahın qızlarıdır. Lakin növbə özlərinə çatanda qız sahibi olmağı ar bilirdilər. Ümumiyyətlə, onlara görə qız eyib, rüsvyaçılıq, utanc, başıaşağılıq, bədbəxtlik hesab edilirdi. Oğul müharibələrdə, qarətlərdə kömək edə bildiyi və işləyib qazanc əldə etdiyi üçün dəyərli hesab edilirdi[29]. 58-59. Qızların diri-diri torpağa gömülməsi: Qızların diri-diri torpağa basdırılması adət halı almış Cahiliyyə dövrünün müşriklərinin insanlıqdan uzaq nadan adətləri haqqında belə qeyd edirlər ki, kişilər həyat yoldaşları azad olmazdan əvvəl bir çala qazıb hazır saxlayırdılar. Dünyaya gələn övladları qız olduğu təqdirdə onu diri-diri həmin çalaya atıb üstünü torpaqlayırdılar. Bunu qızları üzündən yoxsullaşacaqlarından qorxudqları üçün edirdilər. Çünki oğlanlar işləyir, qazanc gətirirdilər. Oğlanlar istehsalçı olduqları halda, qızlar istehlakçı hesab edilirdi. Deyilənlərə görə, bu yanlış addım ilk dəfə Bəni-Təmim qəbiləsi ilə İranın Kəsra qəbiləsi arasında baş verən döyüşdən sonra atılmağa başlamışdır. Həmin döyüşdə Bəni-Təmim qəbləsindən olan bir qrup qadın kəsralılara əsir düşür. Döyüşçülər onları Kəsra sarayına aparır və onları sarayda kəniz kimi saxlayırlar. Bir müddətdən sonra tərəflər arasında sülh müqaviləsi imzalanır və Bəni-Təmim qəbiləsi əsir düşmüş xanımları geri istəyirlər. Kəsra sarayında isə öz qəbilələrinə geri dönmək və ya sarayda qalmaq seçimi qadınların özlərinə həvalə edilir. Qızların çoxu getməkdən imtina edir. Qəbilənin kişiləri çox qəzəblənirlər və söz verirlər ki, əgər bundan sonra qızları olsa, onları diri-diri toprağa basdıracaqlar və sözlərinə də əməl edirlər. Bu ənənə yavaş-yavaş digər qəbilələrə də keçir və hər tərəfə yayılır. Bununla da qız öldürmək adət halını alır[30]. “Canlı” (dabbə) deyilərkən nə nəzərdə tutulur? Ehtimal ki, burada “canlı” deyilərkən insan nəzərdə tutulur. Çünki insan da hərəkətdə olan canlılardandır. Buna görə də ayənin mənası belə olur: Əgər Allah-taala insanları etdikləri zülm və haqsızlıqlara görə cəzalandırmaq, yəni zülm və haqsızlığa yol verən hər bir kəsi əzaba düçar etmək istəyərsə, artıq yer üzündə hərəkət edən heç bir insan qalmaz. Çünki zülmkarlar etdikləri zülm və haqsızlıqlara görə həlak olsaydılar, məsum insanlar, peyğəmbərlər və övliyaların ata-babaları da həlak olduğu üçün ümumiyyətlə, dünyaya gəlməzdilər. Bəlkə də elə buna görə canlı deyilərkən bütün heyvanlar və canlılar nəzərdə tutulur. Belə olan surətdə heyvanların və digər canlıların insanların günahlarına görə məhv edilməsi belə izah edilir: Qurana görə yer kürəsinin bütün mövcudatı insanların kamilləşmsi üçün yaradılmışdır. Deməli, insan olmazsa, onların da mövcudluğu əbəs olacaqdır. “Bəqərə” surəsinin 29-cu ayəsində belə buyurulmuşdur: “Allah yerdə mövcud olan hər şeyi sizin üçün yaratmışdır.”[31] Şeytan kafirlərin hamisidir: “Bu gün o sizin vəliniz və haminizdir” cümləsində Peyğəmbər (s) zamanındakı ərəb müşriklərinə işarə edilmişdir. Onlar da əvvəlki ümmətlərin azğın proqramlarını davam etdirirlər. Əməllərini onların gözündə gözəl göstərən Şeytan bu gün bu müşriklərin rəhbəri və hamisidir[32].   Allah göydən su göndərib ölmüş yerə həyat bəxş etdi. Bunda eşidən qulağı olan adamlar üçün aydın dəlil vardır. Mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə onların qarınlarındakı ifrazat və qanın arasından təmiz və dadlı süd içirdirik. Siz xurma və üzüm ağaclarının meyvələrindən məstedici içkilər, pak və xeyirli ruzi hazırlayırsınız. Bunda düşünən adamlar üçün aydın dəlil vardır. Rəbbin bal arısına belə vəhy etdi: “Dağlardan, ağaclardan və (insanların) düzəltdikləri çardaqlardan özünə ev seç. Sonra bütün meyvələrdən (və güllərin şirəsindən) ye və Rəbbinin sənə təyin etdiyi yollarla rahat get”. Onların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli içki çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün aydın dəlil vardır. Allah sizi yaratdı, sonra öldürəcəkdir. Sizlərdən bəziləri (vaxtilə) bildiyi şeyləri unutsun deyə ömrünün ən arzuolunmaz ixtiyar çağına çatdırılacaq. Həqiqətən, Allah biləndir, qüdrətlidir. Allah ruzi baxımından birinizi digərindən üstün etmişdir. Üstünlük verilənlər kölələrinə öz ruzilərindən vermirlər ki, bu cəhətdən bərabər olsunlar. Onlar Allahın nemətini inkarmı edirlər? Allah sizin üçün öz cinsinizdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak olanlardan ruzi verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? ————————————————————————————– Süd Allahın dəlillərindən biridir: Südün əmələ gəlməsi Allahın dəlillərindən, qüdrət və elminin nişanələrindəndir. Dadlı süd həzm edilmiş qidalarla qanın arasından süzülür, ancaq onlara qarışmır, dadlarını, tamlarını və qoxularını almır. Belə bir qüdrət sahibi olan Allah insan bədəninin üzvlərini çürüyüb dağıldıqdan sonra yenidən toplamağa, yenidən diriltməyə qadirdir[33]. (Südün necə meydana gəlməsi və faydaları haqqında daha ətrfalı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu ayənin təfsirinə baxa bilərlər). Şərab düzəltmək ilahi nemətlərdən sui-istifadədir: Məlumdur ki, Allah-taala bu ayədə xurma və üzümdən şərab alınmasına icazə verməmişdir. Məstedciləri xeyirli və pak ruzilərlə qarşılaşdırmaqla şərabın haramlığına və pisliyinə qısa şəkildə işarə etmişdir. Buna görə də bu ayənin şərabın haram edilməsi hökmünün elan edildiyi ayədən əvvəl nazil olduğunu deməyə ehtiyac qalmır. Burada onun haram olduğuna işarə edilmişdir. Bu ayə bəlkə də şərabın haram olması ilə bağlı ilk xəbərdarlığı əks etdirir. Sanki Quran ilahi nemətləri sadalayarkən ondan sui-istifadəyə də işarə etmişdir[34]. Bal arısına vəhy edilməsi: Vəhy kiməsə bir şeyi başqalarının xəbərdar olmayacağı şəkildə başa salmağa deyilir. Deməli, bir şeyin heyvana malik olduğu instinkt vasitəsilə başa salınması vəhydir. Hər hansı bir mövzunun yuxu, vəsvəsə və ya işarə vasitəsilə başa salınması da vəhydir. Quranda vəhy bu mənaların hamısında işlənmişdir. Əlbəttə, dini kontekstdə vəhy yalnız Peyğəmbərə (s) göndərilən sözlərlə məhdudlaşmışdır[35]. Bal şəfaverici bir şərbətdir: Bal sağlamlıq, bir çox xəstəliklərin qarşısının alınması və müalicəsində faydalı olan xüsusiyyətlərə malikdir. Hədislərdə də balın müalicəvi xüsusiyyətlərinə çox işarə edilmişdir. İmamlara istinad edilən bir çox hədislərdə belə qeyd edilmişdir: “Heç bir xəstə öz xəstəliyini baldan gözəl vasitə ilə sağalda bilməz.”[36] (Daha ətraflı məlumat almaq istəyənlər “Nümunə” təfsirində bu ayənin təfsirinə baxa bilərlər)[37]. Ömrün ən arzuolunmaz ixtiyar çağı: Doğrusu, bu yaş həddi üçün konkret rəqəm təyin etmək olmur. Çünki dərketmə qüvvəsinin sıradan çıxması, yaddaşsızlığın yaranmağa başlaması fərdlərin fiziki sağlamlıqlarından asılıdır. Adətən bu əlamətlər özünü 75 yaşdan sonra büruzə verməyə başlayır. Bəzi hədislər də bunu təsdiq edir[38]. Ailə ən böyük nemətlərdən biridir: Bu ayədə Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən birinə, yəni ailə nemətinə işarə edilmişdir. Ailə insan cəmiyyətinin əsasını təşkil edir, insanların həyatının davamlılığı ondan asılıdır. Kişi ilə qadının evliliyi insan nəslinin davamlılığını təmin etməklə yanaşı, onların birinin digəri ilə rahatlıq tapmasına səbəb olur. İnsanların çox böyük ehtiyac duyduqları qarşılıqlı yardımlaşma və həmkarlıq ruhiyyəsi ailə mühitində formalaşır. Ailə üzvlərindən hər biri digərinə bir növ xidmət edir və bu şəkildə bir-birinin ehtiyaclarını ödəyir. Böyük insan cəmiyyəti bu kiçik qruplar sayəsində öz həyatını davam etdirir. Şübhəsiz ki, insanlar bu gözəl və qurucu əlaqəyə son qoysalar, ailə özülünü məhv etsələr, demək öz əlləri ilə öz köklərinə balta çalmış olarlar, nəticədə, çox çəkməz ki, yer kürəsində insan qalmaz. Çünki heç bir orqan bu isti və səfalı mühitin yerini doldura bilməz[39].   Allahı qoyub göylərdən və yerdən onlara verəcək heç bir ruzisi olmayan və buna gücləri də çatmayan varlıqlaramı ibadət edirlər? Heç nəyi Allaha bənzətməyin. Allah bilir, siz isə bilmirsiniz. Allah, heç bir şeyə gücü çatmayan və başqasının mülkiyyəti olan bir kölə ilə dərgahımızdan özünə verdiyimiz gözəl ruzidən gizli və aşkar xərcləyən kimsəni məsəl çəkdi. Bu iki nəfər birdirmi? Həmd Allaha məxsusdur, lakin onların çoxu bilmir. Allah iki nəfəri (də) məsəl çəkdi; onlardan biri anadangəlmə laldır, heç bir şeyə gücü çatmır və öz sahibinə bir yükdür. Onu hara yollasa, yarıtmır. Belə bir insanla doğru yolda olub haqq-ədalətə əmr edən bir kimsə bərabərdirmi? Göylərin və yerin qeybi Allaha məxsusdur. Qiyamət bir göz qırpımı kimidir və ya daha tezdir. Allah hər şeyə qadirdir. Allah sizi analarınızın bət­­nindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, Onun nemətinin şükürünü edəsiniz. Onlar havada saxlanılan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allahdır. Bunda iman gətirən insanlar üçün dəlillər vardır. ————————————————————————————— Ruzi vermək bütlərin səlahiyyətində deyil: Müşriklər güman edirdilər ki, bütlər onların taleyində, xeyir və ziyanlarında rol oynayır. Buna görə onlara ibadət edirdilər. Göylərdən enən və yerdən çıxan ruzilərin insan həyatının zəruri tələbatları olduğunu bilirik. Ancaq bu ruzilərin heç biri bütlərin səlahiyyətində deyil. Onlar heç bir iradəsi olmayan varlıqlardır. Daşıdıqları dəyərə müşriklərin xurafat və cahil təəsübkeşlikləri sayəsində malik olmuşdular[40]. Allahın misli və bənzəri yoxdur: Bu cümlənin xitab obyekti öz nöqsanlı ağılları ilə Allahı vəsf edən və Onu digər varlıqlara bənzədən insanlardır. Onlar deyirdilər ki, insanların övladları varsa, deməli, Allahın da övladları var; mələklər Allahın qızlarıdır. Allahın cin və pərilərlə qohumluğu var. Çox vaxt soruşurdular ki, Allah çürümüş sümükləri necə dirildəcək? Bunu ona görə soruşurdular ki, Allahı belə bir qüdrətə malik olmayan varlıqlarla müqayisə edirdilər. Allah-taala bu ayədə buyurur ki, Allahın zat və feillərinin həqiqətindən xəbəriniz olmadığı üçün bu cür bənzətmələr etməyə və Onu yaratdıqları ilə müqayisə etməyə haqqınız çatmır[41]. 75-76. Tövhidin dəyəri və şirkin dəyərsizliyi: Bu iki ayədə allahpərəstliyin dəyərini və şirkin dəyərsizliyini daha yaxşı başa salmaq üçün iki gözəl məsəl çəkilmişdir. 75-ci ayədə iki nəfər müqayisə edilmişdir. Onlardan biri başqasının köləsi, heç bir ixtiyarı olmayan gücsüz və yoxsul bir adamdır. Digəri isə istədiyi vaxt öz malından Allah yolunda xərcləyə bilən qüdrətli və varlı bir adamdır. Bu, qüdrətli Allahla müşriklərin aciz tanrılarını səciyyələndirən bir məsəldir. Allah-taala ehtiyacsızdır, bütün kamilliklər Ona məxsusdur. O, hər şeyə qadirdir, istədiyini edir, heç kəs Onun istəyinin qarşısını ala bilməz. Müşriklərin tanrıları isə Onun mülkiyyətidir, heç bir ixtiyar sahibi deyillər. 76-cı ayədə də tövhid inancını başa salmaq üçün başqa bir məsəl çəkilmişdir. Həmin məsəldə də iki insan müqayisə edilmişdir. Onlardan biri yükü başqasının boynunda olan və əlindən heç bir iş gəlməyən lal və kar, digəri isə düz yolda olan qüdrətli və ədalətli insandır. Şübhəsiz ki, bu insanlar bərabər deyil. Bu, Allahla bütlərin, daha dəqiq desək, heç bir nöqsanı olmayan, bütün varlıqların kamilləşməsini istəyən Allahla Ona möhtac olan bütün məbudların fərqini başa salmaq üçün bir məsəldir[42]. Qiyamət bir göz qırpımı qədər asandır: Bu cümlənin məqsədi bütün xüsusiyyətlərinə baxmayaraq, Qiyaməti bərpa etməyin Allah üçün çox asan olduğunu çatdırmaqdır. Allah-taala “Əraf” surəsinin 187-ci ayəsində Qiyamətin yerdən və göylərdən ağır və əhəmiyyətli, insanlar üçün çox çətin və ağır olduğu buyurulsa da, Allah üçün onu bərpa etmək bir göz qırpımı qədər asandır. “Göz qırpımı kimidir” ifadəsi onun asanlığını çatdırmaq üçündür. Çünki göz qırpmaq insanlar üçün ən asan məsələlərdəndir. Allah üçün Qiyaməti gerçəkləşdirmək bundan da asandır. Ümumiyyətlə, Allah üçün çətinlik və asanlığın heç br mənası yoxdur. Çünki “bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar.” (Yasin surəsi, 82-ci ayə) Buna görə də Allah-taala bilavasitə “ondan da yaxındır”, – deyə buyurmuşdur[43]. Allah evlərinizi sizin üçün rahatlıq məkanı etdi, heyvanların dərilərindən sizin üçün həm səfərə çıxdığınız vaxt, həm də düşərgə sal­­dığınız zaman asanlıqla daşıya biləcəyiniz çadırlar, üstəlik də on­­ların yunundan, kürkündən və tükündən müəyyən vaxta qədər ev əşyaları və başqa şeylər düzəltdi. Allah, yaratdığı şeylər­­dən sizin üçün kölgələr əmələ gətirdi, dağlarda sizin üçün sığınacaqlar, sizi istidən (və soyuqdan) qoruyacaq paltarlar və döyüşdə mühafizə edəcək geyimlər yaratdı. Beləcə, (Allah) Öz nemətini sizə tamamlayır ki, bəlkə əmrinə tabe olasınız. Əgər üz çevirsələr, (narahat olma,) sənin vəzifən ancaq aşkar təbliğat aparmaqdır. Onlar Allahın nemətlərini tanıyır, sonra onları inkar edirlər. Onların əksəriyyəti kafirdir. Hər ümmətdən bir şahid gətirəcəyimiz gün kafirlərə (danışmaq üçün) izn verilməyəcək, üzr istəmələrinə və əfv diləmələrinə də icazə verilməyəcək. Zalımlar əzab çəkməyə başladıqda onlara güzəştə gedilməyəcək, möhlət verilməyəcəkdir. Müşriklər Allaha şərik qoşduqları tanrıları gördükdə deyəcəklər: “Ey Rəbbimiz! Bunlar Sənin əvəzində çağırdığımız şəriklərdir!” Bu vaxt ibadət etdikləri onlara deyəcək: “Siz yalançısınız!” O gün hamısı Allah qarşısında təslim olacaq və uydurduqları onlardan gözdən itib məhv olacaq. —————————————————————————————- Heyvanların tüklərinin fərqliliyi başqa bir nemətdir: Heyvanların bədənlərindəki tüklər müxtəlif olur. Bəzilərinin tükü çox cod olur, bəzilərinki yumşaq, bəzilərinki daha yumşaq olur. Bunlar tük, yun, kürk, xəz və sair adlanır. Təbii ki, bu fərqlilik onların hər birinin ayrı-ayrı istifadə imkanlarına malik olmasına səbəb olur. Birindən xalça, palaz və bu kimi vasitələrin toxunmasında, birindən paltar tikilişində, başqasından çadır və sair vasitələrin hazırlanmasında istifadə edilir[44]. “Müəyyən vaxta qədər” ifadəsi bütün nemətlərin fani və keçici olacağını göstərir. Deməli, ağıllı insan onlara görə axirətini əldən verməməlidir[45]. Kölgə neməti: Bu ayədə cisimlərin kölgələrinin Allahın qiymətli nemətlərindən biri olduğu qeyd edilmişdir. Bildiyimiz kimi, insanın işığa ehtiyacı olduğu kimi, kölgəyə də ehtiyacı var. Çünki işıq mövcudluğu monoton şəkildə davam etsəydi, həyat qeyri-mümkün olardı. Bunu da bilirik ki, Yer kürəsinin sakinləri üçün ən böyük kölgə Yerin kölgəsidir. Gecə adlandırdığımız bu kölgə Yer səthinin yarı hissəsini tutur. Həm bu böyük kölgənin, həm də gündüz vaxtı ayrı-ayrı bölgələrdə yaranan kiçik kölgələrin insan həyatında oynadığı rol danılmazdır[46]. Dəmir zireh neməti: “Müharibə vaxtı sizi qoruyacaq geyimlər” deyilərkən dəmir və sair vasitələrdən düzələn və döyüş vaxtı döyüşçüləri qoruyan zirehlər nəzərdə tutulur[47]. Məsum rəhbərlər Allahın ən böyük nemətidir: “Allahın neməti” ifadəsinin məna yükü o qədər genişdir ki, bütün maddi, mənəvi nemətlərə, hətta Peyğəmbərə (s) də şamil olur. Əhli-beyt (ə) hədislərində “Allahın neməti” deyilərkən məsum imamlar və rəhbərlərin nəzərdə tutulduğu qeyd edilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “And olsun Allaha, Allahın neməti bizik. Allah bu nemət vasitəsilə bəndələrinə lütf və mərhəmət göstərir, xoşbəxtlər bizim vasitəmizlə xoşbəxt olurlar.” Məlumdur ki, xoşbəxtlik və qələbə doğruçu rəhbərlərin rəhbərliyi olmadan mümkün deyil. Bu, ilahi nemətlərin ən parlaq nümunəsidir[48]. Şahidlik etməsi üçün hər bir ümmətdən bir şahid gətirəcəyimiz gün: Quran ayələri və məsumların (ə) hədislərindən belə məlum olur ki, Allahın dəlili istər peyğəmbər olsun, istərsə də peyğəmbərin canişini, hər bir zaman öz ümmətinin əməllərindən xəbərdardır və Qiyamət məhkəməsində öz ümməti üçün şahidlik edəcək. Bu surənin 89-cu ayəsində də eyni həqiqətə işarə edilmişdir[49]. Bütlər və bütpərəstlərin iddiası: Müşriklər uydurma tanrılarına işarə edərkən əzablarının bir hissəsini onların boynuna atmaq məqsədi güdürlər. Buna görə də deyirlər: “Ey Rəbbimiz! Bunlar Sənin əvəzində çağırdığımız şəriklərdir!” Bütlərin onları təkzib etməsi də yalan deyil. Qondarma bütlər, əslində, ibadətə layiq olmadıqlarını bəyan edəcəklər. Ola bilər ki, müşriklər orada öz sözlərinə bunu da əlavə edəcəklər: “İlahi, bu məbudlar bizim vəsvəsə olunmağımızda şərik idilər.” Onlar isə “siz yalan danışırsınız, bizim vəsvəsə edəcək qüdrətimiz yox idi”, – deyə cavab verəcəklər[50]. Digər tərəfdən, ibadət bəndənin öz məbudu qarşısında təvazökarlıq və itaət göstərməsinə deyilir. Bu əlaqə məbudun xəbəri və məlumatı olmadan heç bir məna daşımır. Müşriklərin ibadəti birtərəfli və bütlərin məlumatı olmadan gerçəkləşdiyi üçün bütlər Allahı şahid tutaraq “bizim onların ibadətlərindən xəbərmiz yox idi”, – deyə etiraz edəcəklər[51]. Kafir olub (insanları) Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq. (Xatırlayın!) O gün hər ümmətə özlərindən bir şahid gətirəcək, səni isə onlara şahid gətirəcəyik. Biz sənə hər şeyi izah edən, müsəlmanlar üçün hidayət və mərhəmət səbəbi, habelə müjdəçi olan kitabı nazil etdik. Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara bəxşiş verməyi əmr, məxfi günahları, aşkar günahları və haqsızlıq etməyi qadağan edir. O, sizə öyüd-nəsihət verir ki, bəlkə xatırlayasınız. Allahla əhd bağladıqda əhdə sadiq olun; andlarınızı möhkəmlətdikdən sonra pozmayın. Çünki siz Allahı özünüzə zamin etmisiniz. Şübhəsiz ki, Allah sizin nələr etdiyinizi bilir. İplərini möhkəm əyirdik­­dən sonra (onu) açan qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz. Allah bununla sizi sınayır. O, ixtilafda olduğunuz şeyləri Qiyamət günü sizə, mütləq, bildirəcəkdir. Əgər Allah istəsəydi, sizin hamınızı vahid bir ümmət edərdi. Lakin O, istədiyini (layiq bldiyini) azdırır, istədiyini (layiq gördüyünü) də doğru yola yönəldir. Siz etdiyiniz əməllərə görə, mütləq, sorğu-sual olunacaqsınız. —————————————————————————————– Haqq yoldan sapmışların şahidi: Bu cümlədə “onlar” deyilərkən kimlərin nəzərdə tutulması, İslam peyğəmbərinin (s) kimlərə şahidlik edəcəyi ilə bağlı təfsirçilər çoxlu fikirlər irəli sürmüşlər. Onlar arasında iki fikir daha çox diqqəti cəlb edir. Birincisi budur ki, “onlar” deyilərkən İslam peyğəmbərinin (s) ümməti nəzərdə tutulur. Hər bir peyğəmbər öz ümmətinə şahidlik etdəcəyi kimi, İslam peyğəmbəri (s) də öz ümmətinə şahidlik edəcək. İkincisi budur ki, “onlar” deyilərkən digər şahidlər nəzərdə tutulur. Belə ki, dünyanın başlanğıcından sonuna qədər bütün ümmətlərin peyğəmbərlər və onların canişinlərinin simasında şahidləri olmuş və olacaqdır. Ancaq İslam peyğəmbəri (s) bu şahidlərin şahididir. Ayənin mənası belədir: Allahın dəlili hər bir zaman öz ümmətinin vəziyyətindən xəbərdardır və Qiyamət məhkəməsində ümmətinə bu barədə şahidlik edəcəkdir. İslam peyğəmbərinə (s) gəldikdə isə, o, bütün şahidlərin vəziyyətindən xəbərdardır və Qiyamət günü şahidlərə şahidlik edəcəkdir. Əlbəttə, Quran ayələri və hədislərə diqqətlə nəzər saldıqda ikinci fikrin öz təsdiqini tapdığının şahidi oluruq[52]. Daha ətraflı məlumat almaq istəyənlər “Bəqərə” surəsinin 142-ci ayəsinə baxa bilərlər. Quran hər şeyi izah edir: Cümlənin məzmunundan belə başa düşülür ki, Quran insanın haqq yola yönəlməsi üçün lazım olan hər şeyi bəyan etmişdir. Əslində, Quran riyaziyyat, coğrafiya, tarix, kimya, fizika, biologiya və sair elmləri tam əhatə edən böyük bir ensiklopediya deyil, haqq yola yönəldən hidayət kitabıdır. Əgər Quranda bəzən bu elmlərə işarələr edilbsə, məqsəd insanı haqq yola yönəltmək və islah etməkdir. Buna görə də “hər şeyi izah edir” deyilərkən insanların haqq yola yönəlməsi və əbədi xoşbəxtliyə nail olmasında ehtiyac duyduğu hər şeyin Quranda olması nəzərdə tutulur. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah Quranda hər şeyi bəyan edib. And olsun Allaha, bəndənin ehtiyac duyduğu heç bir şeyi əsirgəməyib. Buna görə də insan deyə bilməz ki, kaş Quranda filan şey nazil olaydı. İnsanın ehtiyac duyduğu elə bir şey yoxdur ki, Allah onu Quranda nazil etməmiş olsun.” Əlbəttə, Quranın ehtiva etdiyi daha üstün məzmunları əldə etmək üçün onun həqiqi alimlərinə, yəni Peyğəmbər (s) və məsum imamlara (ə) müraciət etmək və onların zülal bulaqlarından sirab olmaq lazımdır[53]. Ən əhatəli sosial proqram: Bu ayə İslamın ictimai, humanist və etik məsələlərlə bağlı ən əhatəli təlimatlarından birini ehtiva edir. Başlanğıcda belə deyilir: “Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohum­­lara bəxşiş verməyi əmr edir.” Ədalət, bütün varlıq sisteminin əsasını təşkil edən qanun, hər bir şeyin öz yerində olması deməkdir. Buna görə də istənilən sapma, ifrat, təfrit, başqalarının hüquqlarının pozulması ədalət prinsipinə zidd hesab edilir. Ancaq ədalət bütün qüdrəti, əzəməti və dərin təsirinə baxmayaraq, böhran və istisna hallarda təklikdə təsir göstərə bilmir, buna görə də Allah-taala onun ardınca dərhal yaxşılıq edilməsi əmrini verir. İmam Əli (ə) buyurmuşdur: “Ədalət insaflı olmaq, yaxşılıq isə daha çox bağışlamaqdır.” Ayədə üç müsbət prinsipdən sonra üç mənfi və qadağan edilmiş prinsip qeyd edilir: “Gizli günahları, aşkar günahları və haqsızlıq etməyi qadağan edir”. “Fəhşa” deyilərkən gizli günahlar, “münkər” deyilərkən aşkar günahlar, “bəğy” deyilərkən istənilən növ təcavüz, hüquqların pozulması, zülm və bütpərəstlik nəzərdə tutulur. Bu ayənin ehtiva etdiyi prinsiplərə diqqət və əməl dünyanın abadlaşdırılması və hər növ bədbəxtlikdən xilas edilməsinə kifayət edir. Peyğəmbər (s) bir hədisində belə buyurmuşdur: Təqva Allahın bu cümləsində ümumiləşmişdir: “Allah ədalətli olmağı… əmr edir.”[54] Əhdi pozmaq: Allah-taala öncəki ayədə ümumiyyətlə, əhdin pozulmasını qadağan etmişdir. Bu ayədə isə əhdlərini möhkəmləndirdikdən və Allahı bu əhdə zamin etdikdən sonra onu pozanları yundan ip əyirib onu yenidən sökən ağıldankəm qadına bənzətmişdir. Deyilənə görə bu ayədə günün yarısına qədər kənizlərinə yun əyirtdrib, sonra onları sökdürən Ritə bint Əmr adlı axmaq və yelbeyin qadına işarə edilmişdir[55]. Andlarınızı aranızda fırıldaq və xəyanət vasitəsinə çevirməyin. Yoxsa ayağınız möhkəm ikən titrəyər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız. Sizi böyük bir əzab gözləyir. Allahla bağladığınız əhd-peymanı ucuz qiymətə satmayın. Allah yanında olan sizin üçün daha xeyirlidir. Kaş biləydiniz. Sizdə olan tükənəcək, Allah yanında olan isə qalıcıdır. Səbirli olanlara etdikləri ən yaxşı əməllərə görə mükafat verəcəyik. Kişi və qadın olmasından asılı olmayaraq, mömin olduğu halda, layiqli iş görən hər bir kəsə gözəl bir həyat bəxş edəcək və etdiyi ən yaxşı əməllərə görə mükafat verəcəyik. Quran oxuyarkən qovulmuş Şeytanın şərindən Allaha sığın! Çünki onun iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə rəhbər seçən və Allaha şərik qoşanlar üzərindədir. Biz bir ayəni başqa bir ayə ilə əvəzlədikdə: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah hansı hökmü nazil etdiyini daha yaxşı bilir. Ancaq çoxu (həqqəti) bilmir. De: “Müqəddəs Ruh onu iman gətirənləri sabitqədəm etmək üçün, müsəlmanlara doğru yol göstərən hidayətçi və müjdə olsun deyə Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir”. ————————————————————————————– And və əhdin pozulmasının iki mənfi nəticəsi: Bu ayədə əhdin pozulması və andlardan xəyanət etmək üçün istifadə edilməsiin iki mənfi nəticəsi qeyd edilmişdir: 1. Bu davranış insanların etimad və etibarına xələl gəlməsinə səbəb olur, iman gətirənlərin bir qrupunun imanı zəifləyir. 2. Axirət evində insanın ilahi əzaba düçar olması ilə nəticələnir[56]. Bu və sonrakı ayədə ümumi şəkildə istənilən növ and pozulması və andlardan sui-istifadə qadağan edilsə də, Əhli-beyt (ə) hədislərində İslam peyğəmbərinin (s) müsəlmanlardan Əlinin (ə) rəhbərliyi ilə bağlı aldığı əhd-peymanın pozulması bu ayənin ən böyük nümunələrindən biri kimi təqdim edilmişdir. Bəli, həmin əhdin pozulması bir tərəfdən çoxlu sayda insanın Allahın doğru yolundan sapmasına, digər tərəfdən isə əhd sındıranların Allahın böyük əzabına tuş gəlməsinə səbəb oldu[57]. Həyata əbədilik rəngi qataq: Maddi dünya həyatı fani və keçicidir. Lakin bu həyata əbədi olan Allahın pak zatı ilə məna qatsaq, onu Allaha və Allah yoluna həsr etsək, əbədilik rənginə boyanar. Ümumiyyətlə, Allahın zatı ilə əlaqələndirilən hər bir şey əbədilik rənginə boyanır. Buna görə də peyğəmbərlər, imamlar, doğru yolda olan alimlər, şəhidlər və əməlisaleh möminlər ölməzdirlər. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Adəm övladı dünyasını dəyişərkən ümid və arzuları üç şey istisna olmaqla hər şeydən kəsilər: 1. Davamlı olan sədəqələr; 2. İnsanların faydalandığı elm və bilik; 3. Valideyninə dua edən saleh övlad.” İmam Əli (ə) buyurmuşdur: “İki əməl arasında fərq var: ləzzəti keçəri, nəticəsi acı və qalıcı olan əməllə əziyyəti keçəri, mükafatı qalıcı olan əməl”.[58] Əməllərin ən yaxşısına uyğun mükafat: Bu ifadə onu göstərir ki, bütün səbir edənlərin yaxşı əməllərinin mükafatı eyni deyil. Bəzisi yaxşıdır, bəzisi daha yaxşı. Ancaq Allah hamısını daha yaxşı hesab edir və onlara daha yaxşı mükafat verir. Bu, alicənablığın ən yüksək həddidir. Bir nəfər üstün, yaxşı və orta olmaqla bir neçə əmtəə növünü satışa çıxarır, ancaq alıcı onların hamısını daha üstün olanın qiymətinə uyğun alır[59]. Pak və gözəl həyat: Allah-taala bu ayədə yaxşı işlər görən möminlərə vəd verir ki, başqa insanlar kimi diri və həyatda olsalar da, onlara yeni və pak bir həyat bəxş ediləcək; onlara haqqı batildən ayıran nur və ayıqlıq veriləcək. Bu səbəbdən də möminlər cani-dildən maddi dünya və onun zahiri təmtərağından, cazibələrindən əl çəkir, özünü izzət sahibi olan Allaha həsr edir. Bu bağlılıq “gözəl həyat”ın həqiqi mahiyyətini ifadə edir. Onlar özlərini elə bir varlığa həsr ediblər ki, Onda zərrə qədər nöqsan yoxdur. Bu bağlılıq nəticəsində insan vəsf edilə bilməyəcək bir izzət sahibi olur. Allaha bağlanmaqla insan ölüm, əziyyət, dərd-qəm və bədbəxtliyin yol tapa bilmədiyi bir həyat qazanır[60]. Quran oxuyarkən Allaha sığınmağın mənası: Ümumiyyətlə, həqiqətləri görmək və dərk etmək üçün iki şeyin olması şərtdir: Haqqın çöhrəsinin aşkar olması, görmə və dərk etmə vasitəsinə malik olmaq. Şübhəsiz ki, Quranın çöhrəsi parlaqlığın ən yüksək həddindədir. Ancaq şeytanlar və şeytansifətlər nəfsani istəklərin köməyi ilə insanın dərketmə gücünü ondan ala bilərlər. Hədislərin birində də belə qeyd edimişdir: “Əgər şeytanlar Adəm övladlarının qəlblərinin ətrafında dövrə vurmasaydılar, onlar mələklər aləmini və göylərin dərinliklərini görərdilər.” Buna görə də haqq yolunun yolçularının bu yolu getməsinin birinci şərti nəfslərini təmizləmək və təqvalı olmaqdır. Əslində, bu ayənin məqsədi təkcə “qovulmuş Şeytandan Allaha sığınıram” ifadəsi ilə kifayətlənməni çatdırmaq deyil. Ayəyə görə bu ifadəni fikrə, fikri isə daxili hala çevirməli, hər bir ayəni oxuyarkən bizimlə həyat bəxş edən kəlam arasında maneə yaradan Şeytan vəsəvəsələrindən Allaha sığınmalıyıq[61]. 103. Biz onların: “Bu ayələri ona bir insan öyrədir!”– dediklərini bilirik. Onların nəzərdə tutduqları adamın dili ərəb dili olmadığı halda, bu, açıq-aydın ərəb dilidir. Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün üzücü bir əzab vardır. Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Əsl yalançılar onlardır. Qəlbləri imanla əminlik tapdığı halda, məcbur edilən şəxslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır. Bu, ona görədir ki, dünya həyatını axirətdən üstün tuturlar. Həm də Allah imansızları (inadkarları) doğru yola yönəltmir. Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Əsl qafillər onlardır. Axirətdə ziyana uğrayanlar da onlardır. Aldandıqdan sonra (iman gətirib) hicrət edənləri, daha sonra cihad edib əzmkarlıq göstərənləri, bunlardan sonra əlbəttə, Rəbbin bağış­­layandır, rəhimlidir. ———————————————————————————- Kafirlər Quranı kimə aid edirdilər? Bu ayədə nəzərdə tutulan şəxsin kimliyi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Həmin fikirlərin məcmusundan belə başa düşülür ki, o, Məkkədə yaşayan və kitab əhlinin kitablarından xəbəri olan, xristian etiqadlı, Bəni-Həzrəminin azad etdiyi rumlu bir qul olmuşdur. Müşriklər Peyğəmbəri (s) Quranı həmin şəxsdən öyrənməkdə ittiham edirdilər. Quran onlara cavab verir ki, ümumiyyətlə, həmin şəxsin dili ərəb dili deyildi. Ancaq Quran açıq-aşkar ərəb dilindədir. Ərəbdilli olmayan bir şəxsin ərəbcəsi ədəbi və bədii cəhətdən çox yüksək səviyyədə olan Quranı yazıb-oxumağı bilməyən Peyğəmbər (s) kimi bir şəxsə öyrətməsi isə mümkün deyil[62]. Mömin yalan danışmaz: Bu ayə yalanın çirkinliyindən bəhs edən mühüm ayələrdəndir. Ayədə yalançılar kafirlər və Allahın ayələrini inkar edənlər səviyyəsinə endirilmişdir. Ayənin nəzər nöqtəsi Allah və Peyğəmbərə (s) iftira atmaq olsa da, yalanın çirkinliyinin də təsviri verilmişdir. Bu ayəyə əsasən yalan imanla tərs mütənasibdir. Çünki yalan münafiqlik əlaməti, münafiqlik isə imanın tam əksidir[63]. Bir nəfər Peyğəmbərdən (s) “mömin zina edərmi?” – deyə soruşduqda Peyğəmbər (s): “Mümkündür”, – deyə cavab verir. Həmin şəxs: “Oğurluq edərmi?” – deyə soruşduqda Peyğəmbər (s): “Belə bir günaha aludə olub imanlı qalması mümkündür” – deyə cavab verir. Bu şəxs: “Bəs mömin yalan danışarmı?” – deyə soruşduqda Peyğəmbər (s) buyurur: “Xeyr!” Sonra bu ayəni buyurur: “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.”[64] Təqiyyə (insanın öz etiqad və inancını gizlətməsi): Hədislərdə bu ayənin Peyğəmbərin (s) vəfalı dostu olan Əmmar Yasir haqqında nazil olduğu qeyd edilmişdir. Qüreyş müşrikləri Əmmarın atası Yasir, anası Süməyyə, habelə İslamı təzə qəbul etmiş Bilal və Xubabı tutub dinlərindən və Peyğəmbərdən (s) üz döndərmələrini tələb edir, dözülməz işgəncələrə məruz qoyurdular. Ağır işgəncələr nəticəsində Əmmarın ata və anası işgəncələrə dözməyib canlarını tapşırır. Ancaq Bilal və Xubab işgəncələrə dözüb dillərinə küfr söz gətirmirlər. Əmmar Yasir isə dözə bilməyəcəyini görüb müşriklərin istədiklərini deyir və canını onların əlindən xilas edir. Bu xəbər müsəlmanlar arasında yayıldıqda bəziləri onu küfr və mürtədlikdə ittiham edirlər. Ancaq Peyğəmbər (s) bu şayiəni qəbul etməyib, Əmmarın müdafiəsinə qalxır. Bir müddətdən sonra Əmmar gözüyaşlı halda Peyğəmbərin (s) yanına gəlib dediklərinə görə peşmançılıq hissi keçirdiyni bildirir. Peyğəmbər (s) buyurur: “Kafir olduğunu söylədiyin vaxt qəlbində hansı etiqadı daşıyırdın?” Əmmar deyir: Qəlbim rahat və imanla dolu idi. Peyğəmbər (s) buyurur: “Əgər sənə yenə də təzyiq göstərsələr, istədiklərini de və canını xilas et!”[65] Bu ayədən, onun nazilolma səbəbi və çoxsaylı hədislərdən belə məlum olur ki, təqiyyənin müxtəlif formaları bir çox yerlərdə icazəli, hətta vacibdir. Daha çox məlumat əldə etmək istəyənlər “Ali-İmran” surəsinin 28-ci ayəsinə baxa bilərlər. O gün hər kəs özünü müdafiə edəcək, hər kəsə etdiyi əməllərin əvəzi tam veriləcək və onlara zülm edilməyəcəkdir. Allah təhlükəsizlik və əmin-amanlıq içində olan abad bir bölgəni misal çəkir. Ona ruzisi hər yerdən davamlı olaraq gəlirdi. Ancaq Allahın nemətlərinə nankorluq etdi. Allah da etdikləri əməllərə görə onlara aclıq və qorxu libası geyindirdi. Onlara özlərindən bir elçi gəldi. Onu təkzib etdilər. Buna görə Allahın əzabı onları haqsızlıq etdikləri halda yaxaladı. Allahın sizə verdiyi halal və təmiz ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, nemətinə şükür edin. O, sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan qeyrisinin adı ilə kəsilən heyvanı haram etmişdir. Ancaq həddi aşmadan məcbur olan şəxslər(i Allah bağışlayar. Çünki) Allah bağışlayandır, rəhimlidir! Dilinizə gətirdiyiniz yalana əsasən: “Bu, halaldır, o, haramdır!”– deməyin ki, Allaha iftira atmış olursunuz. Şübhəsiz ki, Allaha iftira atanlar nicat tapmayacaqlar. (Bu dünyada onlara nəsib olmuş) mənfəət azdır, onları sarsıdıcı bir əzab gözləyir. Sənə daha öncə izah etdiyimiz şeyləri yəhudilərə haram etmişdik. Biz onlara zülm etmədik. Lakin onlar özləri-özlərinə zülm edirdilər. ————————————————————————————– Nemətə nankorluq etməyin cəzası: Məsumlardan biri bu ayə haqqında belə buyurmuşdur: Bu ayə yaşadıqları ərazidən Sərsar adlı çay keçən bir tayfa haqqında nazil olmuşdur. Bu çayın hesabına onların əraziləri bol-bərəkətli, məhsuldar və yamyaşıl idi. Nemətləri o qədər bol oldu ki, Allahın nemətlərinə qarşı naşükürlük etdilər. İş o yerə çatdı ki, xəmirlə öz çirkablarını təmizlədilər. Bunu belə izah edirdilər ki, xəmir yumşaqdır və ondan istifadə edərkən narahatlıq yaratmır. Allahın nemətlərinə qarşı bu cür nankorluq edib onlara qarşı hörmətsizlik etdilər. Buna görə də Allah həmin çayı qurutdu. Nəticədə, quraqlıq yarandı. Allah onları həmin çirkabı təmizlədikləri xəmirlərə möhtac etdi. Hətta iş o yerə çatmışdı ki, həmin xəmir üstündə dava-dalaş salırdılar[66]. Bu ayə və hədis ilahi nemətlər bolluğu içində olan insanlara və xalqlara br xəbərdarlıqdır. İnsanlar bilməlidrlər ki, istənilən növ israfçılığın bir cəzası var. Onun ən aşağı cəzası həmin nemətlərin əldən çıxmasıdır. Hədislərdə bu məsələyə çox əhəmiyyət verilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Atam yeməyə batmış əlini dəsmalla silməzdi. Yeməyə hörmət əlaməti olaraq onu sorardı. Əgər yanında yemək yeyən bir uşağın qabında yemək qalsaydı, həmin qabdakı yeməyi yeyərdi. Bir dəfə dedi: “Bəzən süfrənin kənarına tökülmüş yeməkləri yığıram… Sonra yuxarıda sözügedən tayfanın Allah nemətlərinə, xüsusilə çörəyə qarşı olan nankorluğu və naşükürlüyü ilə bağlı hekayəsini danışdı”[67]. İstəmədən və həddi aşmadan: “Bağin” və ya “baği” sözü mənası tələb və istəmək olan “bəğy” sözündən düzəlmişdir. Burada zövq və ləzzət almaq meyli, Allahın haramının halal sayılması nəzərdə tutulur. “Adin” və ya “adi” sözü mənası həddi aşmaq, təcavüz etmək olan “ədv” sözündən düzəlmişdir. Burada çıxılmaz vəziyyət yarandığı vaxt haram ətdən lazımı miqdardan artıq istifadə nəzərdə tutulur. Əhli-beyt (ə) hədislərində “baği” sözü bəzən zalım, “adi” sözü isə qəsbkar mənasında işlədilmişdir. Hətta “baği” sözü bəzən İmama qarşı qiyam edən, “adi” isə oğurluq edən mənasında işlədilmişdir. Bu hədislərdə ola bilsin ki, zəruri ehtiyac yarandığı vaxt haram ətdən istifadəyə işarə edilmişdir. Zülm, təcavüz və ya oğurluq etmək üçün səfərə çıxan adam belə bir şəraitə düşərsə, canını qorumaq üçün vəzifəsi onlardan istifadə etmək olsa da, tutduğu əməl günah sayılır[68]. Allahın yəhudilərə qoyduğu qadağalar: Bu ayədə “Ənam” surəsinin 146-cı ayəsində sözükeçən məsələlərə işarə edilmişdir. Həmin ayədə belə buyurulur: “Yəhudilərə dırnaqlı heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Bunu etdikləri haqsızlığa görə onlara cəza olaraq verdik. Biz doğru danışırıq!” “Nisa” surəsinin 160-161-ci ayələrində isə belə buyurulmuşdur: “Yəhudilər zülm etdiklərinə və bir çoxlarını Allahın yolundan döndərdiklərinə görə onlara halal edilmiş gözəl (təmiz, halal) nemətlərin bir hissəsni haram etdik. Habelə qadağan olunmasına baxmayaraq, sələm aldıqları, haqsız yerə xalqın malını yedikləri üçün (halal olanı onlara haram buyurduq)….”[69] Rəbbin bilməməzlikləri üzündən pislik edən, ondan sonra tövbə edib özlərini islah edənlərə qarşı, Rəbbin bunlardan sonra, əlbəttə ki, bağışlayan və rəhm edəndir. İbrahim (təklikdə) Allahın fərmanına müti bir ümmət idi. O, müşriklərdən deyildi. O, Allahın nemətlərinə şükür edən idi. Allah onu seçmiş və doğru yola yönəltmişdi. Biz ona dünyada gözəl nemət verdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdəndir. Sonra sənə “imanı xalis olan, müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik. Şənbə günü yalnız bir cəza idi ki, onda da ixtilafa düşdülər. Rəbbin Qiyamət günü ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir. Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin Onun yolundan azanları da, doğru yolda olanları da yaxşı tanıyır. Cəzalandırmaq istəsəniz, yalnız sizə təcavüz edilən miqdarda cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir. Səbir et! Sənin səbirin ancaq Allah üçün və Allahın yardımı ilə olsun. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Allah (Ondan) qorxanlar və yaxşı işlər görənlərlədir. —————————————————————————————— Tövbənin qəbul olunma şərtləri: Bu ayədə tövbənin qəlbdə edilməsi və qəlbdə keçirilən peşmançılıqla məhdudlaşmadığı qeyd edilir. Onun əməllərdə özünü göstərməsi şərt hesab edilir. İnsanın özünü islah etməsi və yanlışlarını aradan qaldırması tövbənin təkmilləşdiricisi sayılır. Yəni ayə bizə onu başa salır ki, bir “əstəğfirullah” cümləsi minlərlə günahın bağışlanmasına səbəb olmur. Bunun üçün əməllərdə mövcud olan yanlışlar aradan qaldırılmalıdır. İnsan ruhları və ya cəmiyyətin günah nəticəsində zərər görmüş hissələri islah və bərpa edilməlidir. Cümlədə bu cəhətə o qədər əhəmiyyət verilir ki, yenidən “Rəbbin bunlardan sonra, əlbəttə ki, bağışlayan və rəhm edəndir” cümləsi ilə ilahi rəhmətin yalnız tövbə və islahatdan sonra mümkün olacağına təkid edilir[70]. İbrahim (ə) bir ümmət idi: İbrahimə (ə) nə üçün ümmət deyilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri bunu onun əzəmətli olması ilə izah edirlər. Bəzən belə deyildiyinin şahidi oluruq: “Filankəs təklikdə bir tayfadır”. Bəziləri burada “ümmət” deyilərkən imam və rəhbər mənasının nəzərdə tutulduğunu qeyd etmişlər. Bəziləri yazır ki, İbrahim (ə) yer üzündə allahpərəst olmadığı, hər kəsin şirk və bütpərəstlik bataqlığında çabaladığı bir vaxt tək olan Allaha yer üzündə ibadət edən yeganə şəxs idi. Deməli, o, təklikdə bir ümmət, müşriklər isə başqa bir ümmət idi. (Sonuncu fikir İmam Sadiqin (ə) bir hədisinin məzmununa əsaslanır)[71]. Nə üçün yəhudilikdə mövcud olmuş bəzi çətin hökmlər qüvvədən düşdü? Bu ayədə etdikləri günahlar ucbatından Allah-taalanın yəhudi tayfalarından birinə qoyduğu qadağalardan, onların bu qadağaları pozmasından, nəticədə, Allahın əzabına düçar olmasından, meymun surətinə düşməsindən bəhs edilir. (Daha ətraflı məlumat almaq istəyənlər “Əraf” surəsinin 163-cü ayəsinə baxa bilərlər). Bu ayə, əslində, “nə üçün yəhudilikdə insanın təbiətinə uyğun olmayan bəzi hökmlər mövcud olub və həmin hökmlər İslam dinində qüvvədən düşüb?” sualına cavab səciyyəsi daşıyır. Quran bu şübhəyə cavab olaraq bildirir ki, sözügedən qadağalar Allah tərəfindən daha öncədən müəyyən edilmiş qadağalar olmamışdır. Allah bu qadağaları yəhudilərin etdikləri günah müqabilində onlara cəza olaraq təyin etmişdir. Həmin qadağalar sonrakı ümmətlərə aid olmamışdır[72]. Allah yoluna bu şəkildə dəvət edin: Bu ayədə təbliğat və Allah yoluna çağırış üsulu, müxaliflərlə mübahisə forması göstərilir: “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et”. Yatmış ağılları oyatmaq və haqqa dəvət yolunda atılan ilk addım düzgün məntiqdən istifadə və hesablanmış dəlillərin təqdimindən ibarətdir. İkinci addım insanların hiss və emosiyalarından istifadədir. Öyüd-nəsihət daha çox emosional səciyyə daşıyır. İnsanların hisslərini oyatmaqla böyük bir kütləni haqqa doğru istiqamətləndirmək olar. Gözəl öyüd-nəsihət deyilərkən kobudluğa yol vermədən, qarşı tərəfi təhqir etmədən, özünü qarşı tərəfdən üstün tutmaq niyyəti güdmədən, inadkarlığa təhrik etmədən və sair kimi neqativ davranışlara yol vermədən edilən nəsihət nəzərdə tutulur. Dini təbliğ yolunda atılan üçüncü addım gözəl mübahisədən ibarətdir. Bu mərhələ beyinəri yanlış düşüncələrlə dolmuş insanlara aiddir. Mübahisə vasitəsilə qarşı tərəfi bu düşüncələrdən xilas etmək lazımdır ki, haqqı qəbul etməyə hazır olsun. Təbii ki, mübahisə gözəl şəkildə aparıldıqda, yəni haqq-ədalət, düzgünlük, əmanət və doğru ilə müşayiət olunan, təhqirə, özünü üstün göstərməyə, lovğalığa, təkəbbürə yol verilməyən, bir sözlə bütün insani dəyərlərin qorunduğu mübahisə effektli və təsirli olur[73].   [1] Nümunə, c.11, səh.137 [2] Əl-Mizan, c.12, səh.193 [3] Əl-Mizan, c.12, səh.196 [4] Nümunə, c.11, səh.142 [5] Nümunə, c.11, səh.151; Əl-Mizan, c.12, səh.203 [6] Nümunə, c.11, səh.172 [7] Nümunə, c.11, səh.172 [8] Vəsailüş-şiə, c.25, səh.96 [9] Nümunə, c.11, səh.173 [10] Nümunə, c.11, səh.182 [11] Pəyame-Quran, c.2, səh.222 [12] Nümunə, c.11, səh.183 və 188 [13] Nümunə, c.11, səh.194 [14] Nümunə, c.11, səh.206 [15] Əl-Mizan, c.12, səh.232 [16] Nümunə, c.11, səh.209 [17] Əl-Mizan, c.12, səh.234 [18] Nümunə, c.11, səh.213 [19] Əl-Mizan, c.12, səh.237 [20] Nümunə, c.11, səh.231 [21] Nümunə, c.11, səh.225 [22] Nümunə, c.11, səh.235 [23] Əl-Mizan, c.12, səh.253 [24] Əl-Mizan, c.12, səh.256 [25] Əl-Mizan, c.12, səh.260 [26] Nümunə, c.11, səh.249 [27] Nümunə, c.11, səh.254 [28] Nümunə, c.11, səh.267 [29] Nümunə, c.11, səh.267 [30] Əl-Mizan, c.12, səh.276 [31] Əl-Mizan, c.12, səh.280 [32] Nümunə, c.11, səh.284 [33] Əl-Mizan, c.12, səh.288 [34] Nümunə, c.11, səh.290 [35] Əl-Mizan, c.12, səh.292 [36] Elə bir xəstəlik yoxdur ki, bal şərbəti ilə müalicə olunmasın. [37] Nümunə, c.11, səh.302 [38] Əl-Mizan, c.12, səh.294 [39] Əl-Mizan, c.12, səh.297 [40] Nümunə, c.11, səh.322 [41] Əl-Mizan, c.12, səh.298 [42] Əl-Mizan, c.12, səh.299 [43] Əl-Mizan, c.12, səh.305 [44] Nümunə, c.11, səh.344 [45] Əl-Mizan, c.12, səh.314 [46] Nümunə, c.11, səh.345 [47] Əl-Mizan, c.12, səh.315 [48] Nümunə, c.11, səh.350 [49] Ətyəbül-bəyan, c.8, səh.168 [50] Nümunə, c.11, səh.357 [51] Təfsiri-mövzui, c.2, səh.707 [52] Əl-Mizan, c.12, səh.323; Nümunə, c.11, səh.259; Ətyəbül-bəyan, c.8, səh.174 [53] Nümunə, c.11, səh.361 [54] Nümunə, c.11, səh.366 [55] Əl-Mizan, c.12, səh.335 [56] Nümunə, c.11, səh.381 [57] Ətyəbül-bəyan, c.8, səh.181 [58] Nümunə, c.11, səh.390 [59] Nümunə, c.11, səh.388 [60] Əl-Mizan, c.2, səh.241 [61] Nümunə, c.11, səh.297 [62] Əl-Mizandan iqtibas, c.12, səh.347 [63] Nümunə, c.11, səh.412 [64] Əl-Mizan, c.12, səh.352 [65] Əl-Mizan, c.12, səh.358 [66] Əl-Mizan, c.12, səh.376 [67] Nümunə, c.11, səh.435 [68] Nümunə, c.11, səh.441 [69] Nümunə, c.11, səh.444 [70] Nümunə, c.11, səh.445 [71] Əl-Mizan, c.12, səh.368 və 376 [72] Əl-Mizan, c.12, səh.369 [73] Nümunə, c.11, səh.355

QURANI KƏRIM 01.02.2025

“Hicr” surəsi

“Hicr” surəsi Rəhman və Rəhim Allahın adı ilə! 1. Əlif, Lam, Ra. Bunlar kitabın və açıq-aydın Quranın ayələridir. Kafirlər bəlkə də arzu edəcəklər ki, kaş müsəlman olaydıq. Qoy onlar yeyib-içsinlər, ləzzət alsınlar və arzular onların başlarını qatsın. Ancaq tezliklə biləcəklər. Biz heç bir şəhər və məmləkətin əhalisini müəyyən olunmuş əcəli gəlib çatmamış məhv etmədik. Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər. Dedilər: “Ey zikr nazil edilən şəxs! Həqiqətən, sən dəlisən. Əgər doğru danışır­­sansa, nə üçün mələkləri bizə gətirmirsən?” Biz mələkləri ancaq haqq üçün endiririk. O zaman kafirlərə möhlət verilməz. Biz Quranı nazil etdik və Biz onu, mütləq, qoruyacağıq. Biz səndən öncə də əvvəlki ümmətlərə peyğəmbərlər göndərmişdik. Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. Beləcə, Biz Quranı günahkarların qəlbinə yeridirik. Onlar (hələ də) ona inanmırlar. Əvvəlki xalqların da davranışı belə idi. Əgər onlara göydən bir qapı açsaq və onlar dayanmadan oraya qalxsalar, yenə də deyərlər: “Gözlərimizi bağlayıblar, bəlkə də biz sehrlənmişik” ————————————————————————————- “Hicr” surəsinin ümumi məzmunu: Bu surədə Peyğəmbərə (s) dəli deyən, Quranı dəlilərin boş-boş danışıqları hesab edən kafirlərin Allah rəsulunu (s) məsxərəyə qoymasından bəhs edilir. Allah bu surədə peyğəmbərinə təsəlli və təskinlik verir, onu səbirli, dözümlü olmağa çağırır, insanlara müjdə verir, qorxu təhdid edir[1]. Kaş müsəlman olaydım: Bu ayədə o biri dünyaya işarə edilmişdir. Yəni kafirlər axirətdə öz əməllərinin acı nəticəsinə görə müsəlman olmalarını arzu edəcəklər. Əlbəttə, arzuları əsla gerçəkləşməyəcək. Çünki iman və təslimin axirətdə deyil, dünyada faydası var. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Qiyamət olan kimi carçı Allah tərəfindən car çəkib müsəlmanlardan başqa heç kəsin Cənnətə daxil olmayacağını deyəcək. Məhz həmin gün kafirlər arzu edib deyəcəklər ki, kaş dünyada müsəlman olaydıq.” Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Cəhənnəmliklər bir yerə toplaşdıqları vaxt xəta etmiş müsəlmanlar da onlarla bir yerdə olacaq. Kafirlər müsəlmanlara deyəcəklər: “Məgər siz müsəlman deyildiniz?” Onlar: “Bəli”, – deyə cavab verəcəklər. Kafirlər deyəcəklər: “Deməli, təsdiq və imanınızın da sizə faydası olmadı və siz bizimlə birlikdəsiniz.” Bu vaxt Allahın oddan xilas etmədiyi heç bir tövhid inanclısı qalmayacaq. Bundan sonra Allah rəsulu (s) “Kafirlər bəlkə də arzu edəcəklər ki, kaş müsəlman olaydıq” ayəsini oxuyur[2]. Kafirlərin məhvolma istəyi: Bu ayənin təfsiri ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Bu təfsirlərin birində, daha doğrusu, digərləri ilə müqayisədə daha ağlabatan görünən təfsirdə deyilir: Mələklərin hiss üzvləri ilə qavranıla bilməməsi Allahın qanunudur. Əgər kafirlərin istəyinə uyğun olaraq Allah möcüzə vasitəsilə mələkləri göndərib onların gözlərinə göstərsəydi, ilahi dəlil tamamlanmış, heç bir şək-şübhəyə yer qalmamış olacaqdı. Həmin vaxt kafirlərin iman gətirməyəcəkləri təqdirdə əzabın nazil olub onları məhv etməsi qaçılmaz olacaqdı. Sözügedən kafirlər təkəbbür və inadkarlığın son həddində olduqları üçün yenə də iman gətirməyəcəkdilər. Belə olduğu təqdirdə onların bu istəyi məhvolma istəyi hesab edilir[3]. Quranın toxunulmazlığı: Bu ayə Quranın təhrif olunmadığını sübuta yetirən dəlillərdən biridir. Ayə Quranın bütün növ təhrif və dəyişmədən qorunduğunu, eynilə Peyğəmbərə (s) nazil olan həmin Quran olduğunu göstərir. Allah-taala bu ayədə qətiyyətlə onu qoruduğunu bəyan edir. “Fussilət” surəsinin 41-42-ci ayələrində də bu həqiqət öz əksini tapmışdır. Allah-taala həmin ayələrdə belə buyurmuşdur: “Bu, sarsılmaz bir kitabdır. Batil ona nə öndən, nə də arxadan nüfuz edə bilməz. O, hikmət sahibi, tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.”[4] Günahkarların Quranı dərk etməyə ləyaqətləri çatmır: Allah-taala nişanələrini müxtəlif yollarla günahkar və müxaliflərə başa salır, sanki onların qəlblərinə daxil edir. Ancaq təəssüflər olsun ki, onların təmiz olmayan qəlbləri həmin nişanələri özlərinə çəkmir, əksinə dəf edir, ruha cəzb olunmasına imkan vermir. Bu, dadlı yeməyi qəbul etməyib geri qaytaran xəstə mədə və həzm sistemin xatırladır[5]. Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onu qovulmuş hər bir Şeytandan qoruduq. Ancaq kim xəlvətcə qulaq assa, onu parlaq bir səma cismi təqib edər. Biz yeri açıb genişləndirdik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik. Orada həm sizin üçün, həm də sizin ruzi verə bilmədikləriniz üçün dolanışıq vasitələri yaratdıq. Hər şeyin xəzinələri Allahın yanındadır. Biz ondan ancaq müəyyən ölçüdə endiririk. Biz küləkləri mayalandırıcı (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir) vasitə kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Halbuki sizin onu qoruyub saxlamaq qüdrətiniz yox idi. Dirildən də, öldürən də, varis olan da Bizik. Sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. Rəbbin (Qiyamətdə) onları, mütləq, toplayacaq. Çünki O, hikmət sahibidir, biləndir. Biz insanı pis qoxulu palçıqdan götürülmüş quru gildən yaratdıq. Cinləri isə daha öncə yandırıcı və qızmar oddan yaratmışdıq. (Xatırla!) Bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən pis qoxulu qara palçıqdan götürülmüş quru gildən insan yaradacağam! Mən onu tamamlayıb Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” Mələklərin hamısı istisnasız olaraq ona səcdə etdi. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi. —————————————————————————————– Səma bürcləri: “Büruc” sözü mənaca aşkara çıxmaq, görünmək olan “bürc” sözünün cəmidir. Buna görə də şəhər divarlarının xüsusi hissələri, qoşunların özünü xüsusi şəkildə büruzə verən hissələri bürc adlanır. “Səma bürcləri” deyilərkən günəş və ayın mövqeləri nəzərdə tutulur. Daha dəqiq desək, biz yer kürəsindən aya və günəşə baxdığımız zaman fəsillərdən və ilin ayrı-ayrı vaxtlarından asılı olaraq, onların ulduzlar kompleksinin yaratdığı formalarla qarşı-qarşıya dayandığını görürük. Məsələn, günəşin buğa, oğlaq, tərəzi və ya əqrəb bürcündə olduğunu deyirik. Təbii ki, bu bürclərin mövcudluğu, ay və günəşin mövqeləri, bu bürclərin hərəkət trayektoryası dünyanın təqvim sistemini formalaşdırır. Bu, Allahın elm və qüdrətinin parlaq dəlilidr. 17-18. Səma cismi: Şeytanların xəlvətcə qulaq asması, səma cismi və sair haqqında “Saffat” surəsinin ilk ayələrini təfsiri edərkən məlumat verəcəyik. Bitkilərin heyrətamiz sistemi: Mənası hər bir şeyin ölçüsünün müəyyən edilməsi olan “vəzn” sözündən düzəlmiş “mozun” sözü ilə bitkilərin bütün hissələrinin dəqiq hesabı, heyrətamiz sistemi və uyğun ölçülərinə işarə edilmişdir. Bu hissələrin hər birinin, yəni gövdə, budaq, yarpaq, çiçək, toxum, meyvənin ayrı-ayrı funksiyaları vardır. Yer kürəsində müxtəlif xüsusiyyətləri, funksiyaları, təsirləri olan bəlkə də yüz minlərlə bitki növü var. Bunların hər birinin öyrənilməsi Allahın tanınmasında ipucu rolunu oynayır. Bitkilərin hər birinin yarpağı Allahı tanımaq üçün bir dəftərdir[6]. Bəzi təfsirçilər hesab edir ki, burada Allahın hər bitkidən insanların ehtiyac duyduğu qədər yaratdığı nəzərdə tutulmuşdur[7]. Hər şeyin xəzinələri Allah yanındadır: Xəzinə insanların mallarını yığdıqları yerə deyilir. Təbii haldır ki, insan yalnız hər zaman əldə etmək imkanına malik olmadığı şeyləri toplayıb qoruyur. Buna görə də imkan düşdüyündə lazım bildiyi şeyi əldə edir və zərurət yaranacağı vaxt istifadə etmək məqsədilə xəzinədə saxlayır. Şübhəsiz ki, bu məna Allah üçün təsəvvürolunmazdır. Buna görə də bir qrup təfsirçi Allahın xəzinələrini Onun qüdrətinin nəticələri kimi təfsir etmişdir. Yəni hər şey Allahın qüdrət xəzinəsində mövcuddur, lazım və məsləhət bildiyi miqdarı meydana gətirir. Habelə “endirmək” sözünü yaratmaq və meydana gətirmək kimi izah etmişlər. Allah tərəfindən bəndəyə bəxş edildiyi üçün bu ifadədən istifadə edilmişdir[8]. Küləklər buludları və bitkiləri mayalandırır: Botanikada bütün bitkilərin erkək və dişilərə bölündüyü, külək əsdiyi zaman erkək bitkinin güllərinin toz zərrəciklərinin dişi bitkiyə köçürüldüyü, nəticədə, onun mayalandığı artıq sübuta yetmiş məsələlərdəndir. Ayə sözügedən həqiqəti bəyan edir[9]. Bəzi təfsirçilər bu ayədə buludların küləklər tərəfindən mayalanmasından danışıldığını qeyd etmişlər. Belə ki, küləklər bulud parçalarını bir-birinə birləşdirir, onları mayalandırır və nəticədə yağış yağmasına zəmin yaradır[10]. 26-29. İnsanın iki təzadlı yönü: Bu ayələrdən belə nəticəyə gəlirik ki, insan iki təzadlı yöndən təşkil olunmuşdur. Bu yönlərin biri böyüklük və əzəmətin ən yüksək həddindədir, digəri isə dəyərin ən aşağı həddindədir. Bir tərəfdən ona ilahi ruh üfürülüb, digər tərəfdən pis qoxulu quru palçıqdan təşkil olunub. “Öz ruhum” ifadəsi insan ruhunun çox qymətli və əzəmətli olduğunu, hətta onu mələklərdən də üstün edəcək ucalığa malik olduğunu göstərir. Ramazan ayının əzəmətini göstərən Allahın ayı ifadəsini buna misal göstərə bilərik[11]. (Allah) buyurdu: “Ey İblis! Nə üçün sən səcdə edənlərlə deyilsən?” (İblis) dedi: “Pis qoxulu palçıqdan götürülmüş quru gildən yaratdığın insana əsla səcdə etmərəm!” (Allah) buyurdu: “Onların (mələklərin) sırasından çıx! Artıq sən (dərgahımızdan) qovuldun. Qiyamət gününə qədər sənə lənət olacaqdır”. (İblis) dedi: “Ey Rəbbim! İnsanların diriləcəyi günə qədər mənə möhlət ver”. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən. Ancaq müəyyən edilmiş vaxtın gününə qədər”. (İblis) dedi: “Ey Rəbbim! Sən məni haqq yoldan azdırdığına görə, mən də (maddi nemətləri) yer üzündə onlara gözəl göstərib hamısını azdıracağam. Yalnız Sənin ixlaslı bəndələrin istisnadır”. (Allah) buyurdu: “Bu, Mənim öhdəmdə olan düz yoldur. Sənə tabe olan azğınlar istisna olmaqla, qullarım üzərində sənin heç bir hökmranlığın olmayacaq”. Cəhənnəm onların hamısına vəd olunmuş yerdir. Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur. Şübhəsiz ki, müttəqilər bağlarda və çeşmələrin kənarında olacaqlar. (Mələklər onlara deyəcək): “Bu bağlara sağ-salamat və arxayınlıqla daxil olun!” Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaşdırlar, taxt üstündə qarşı-qarşıya əyləşərlər. Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar. Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhimliyəm. Əzabım isə üzücü əzabdır. Onlara İbrahimin qonaqları barəsində də xəbər ver. —————————————————————————————– İblisin möhlətinin başa çatacağı vaxt: Təfsirçilərin çoxu hesab edir ki, burada dünyanın sonuncu, İsrafilin birinci surunu çalacağı gün nəzərdə tutulmuşdur. Çünki həmin günə qədər insanlar heç bir vəzifədən azad edilməyəcək, Allaha qarşı çıxmaq və üsyan etmək imkanı davam edəcək. Lakin Quran ayələri, hədislər, hətta əqli dəlillər bu fikrin əksini ifadə edir. Quran ayələri, hədislər, hətta əqli dəlillər insanın xoşbəxtliyə doğru hərəkətdə olduğunu və tezliklə elə bu dünyada xoşbəxtliyin kamillik zirvəsinə yüksələcəyini, insan cəmiyyətinin günah və pisliklərdən xilas olacağını deməyə əsas verir. Elə bir gün gələcək ki, yer üzündə yalnız Allaha ibadət ediləcək, küfr, fitnə-fəsad və günahın kökü tamamilə kəsiləcək, ruhi xəstəliklərə və şeytani vəsvəsələrə son qoyulacaq. Deməli, İblisə verilən möhlətin başa çatacağı gün dünyanın sonu deyil, insan cəmiyyətinin Allahın iradəsi ilə islah olacağı, fitnə-fəsadın kökünün kəsiləcəyi gündür. Bəzi hədislərdə bu gün həzrət Mehdinin (ə) zühur edəcəyi gün kimi izah edilmişdir[12]. Şeytanın gözəl göstərmə davranışı: Allah Şeytanı haqq yoldan əsla azdırmamışdır. Bu, İblisin özünə bəraət qazandırmaq, azğınlığına don geyindirmək üçün istifadə etdiyi mənfur vasitə idi. Bu, ümumiyyətlə, İblis və bütün şeytanların ənənəsidir; birincisi, günahlarını başqalarının boynuna atır, ikincisi, öz çirkin əməllərini yanlış məntiqlərlə izah etməyə çalışırlar. Onlar bunu təkcə Allah bəndələri deyil, hər şeydən xəbərdar olan Allahın Özünə qarşı da etməkdən çəkinmirlər. Şeytanın gözəl göstərməsi deyilərkən Şeytanın çirkini gözəl göstərən və ya müxtəlif amillərdən istifadə edərək, çirkin davranışları gözəl göstərən şeytani vəsvəsələr nəzərdə tutulur. Öldürücü maddələrin şirin və dadlı örtüklərdə verilməsi, böyük azğınlıqların mədəniyyət, intellekt, azad düşüncə və sair kimi örtüklərdə təqdim edilməsini buna misal göstərmək olar[13]. 41-42. Şeytan heç kəsi məcbur edə bilməz: Bu iki ayə insan iradəsinin azadlığını sübuta yetirən möhkəm ayələrdir. Belə ki, İblis və ordusu heç kəsi günah və fitnə-fəsada məcbur edə bilməz. Onların işi yalnız günahı gözəl göstərmək, hiyləgərlik, şər və pisliyə dəvətdən ibarətdir, son qərar insanın öz əlindədir. Əslində, Allah-taala bu iki ayədə İblisin insanı tam şəkildə öz hökmranlığı altına alacağı ilə bağlı xam xəyalını onun beynindən çıxarır[14]. Cəhənnəmin qapıları: Quranda Cəhənnəmin qapılarının necə olacağı ilə bağlı heç nə deyilməmişdir. Quran ayələri və məsumların (ə) hədislərini diqqətlə təhlil etdikdə Cəhənnəmin qapıları deyilərkən Cəhənnəmin təbəqələrinin nəzərdə tutulduğu məlum olur. Əzabın növü və şiddətindən asılı olaraq bu təbəqələrin hər biri digərlərindən fərqlənir. Hədislərin birində İmam Əlinin (ə) üzünü bir qrup insana tutaraq belə buyurduğunu görürük: “Bilirsiniz, Cəhənnəmin qapıları necədir?” Onlar: “Yəqin ki, dünya qapıları kimidir”, – deyə cavab verirlər. İmam Əli (ə): “Xeyr, belə deyil”, – deyib bir əlini digər əlinin üzərinə qoyaraq: “Belədir”, – deyə buyurur…”[15] Hədislərdə Cəhənnəmin bəzi qapılarından Firon, Haman, Qarunun, bəzisindən müşriklərin, bəzisindən isə Peyğəmbər (s) nəslinin düşmənlərinin daxil olacağı qeyd edilmişdir. Bu da onu göstərir ki, Cəhənnəmin təbəqlərinin biri digərindən daha ağrılı-acılıdır. Bu təbəqələrə daxil olanlar digərlərindən daha böyük günah edənlər, etdikləri günahlar biri-digərindən pisdir[16]. Nəticədə, Cəhənnəm qapıları əzab və cəzaların da eyni olmadığını və bir-birindən çox fərqləndiyini göstərir[17]. Maraqlıdır ki, İmam Sadiqin (ə) hədislərinin birində “Cənnətin səkkiz qapısı var”, – deyə buyurulmuşdur. Bu ayədə isə Cəhənnəmin yeddi qapısının olduğu buyurulmuşdur. Bu da onu göstərir ki, bədbəxtliyə və əzaba daxil olmaq üçün qapı nə qədər çox olsa da, xoşbəxtliyə aparan yollar onlardan da çoxdur[18] İbrahimin yanına daxil olub salam verdiklərində (İbrahim) dedi: “Biz sizdən qorxuruq!” (Mələklər): “Qorxma! Biz səni elmli bir oğulla müjdələyirik!”– dedilər. Dedi: “Qocalmağıma rəğmən mənə (belə bir) müjdə verirsiniz? Nə ilə müjdələyirsiniz?” Dedilər: “Biz sənə doğru müjdə verdik. Sən ümidini üzənlərdən olma!” Dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?” Sonra dedi: “Ey elçilər! Vəzifəniz nədir?” Dedilər: “Biz günahkar adamları məhv etmək üçün göndərilmişik. Yalnız Lutun ailəsi istisnadır. Biz onların hamısını xilas edəcəyik. (Lutun) arvadından başqa. Biz onun geridə qalanlardan (və şəhərdə həlak olanlardan) olmasına qərar verdik”. Elçilər Lut ailəsinin yanına gəldikdə o dedi: “Siz yad adamlarsınız!” Onlar dedilər: “Biz sənin yanına onların şübhə etdiyi ilə (əzabla) gəlmişik. Biz sənə doğru xəbər gətirmişik. Biz doğru danışanlarıq. Gecənin sonuna yaxın ailəni özünlə götürüb buradan çıx və özün onların arxasınca get. Sizdən heç kəs dönüb arxasına baxmasın. Sizə əmr olunan yerə yollanın”. Biz Luta sübh çağı onların kökünün kəsiləcəyi xəbərini vəhy etdik. (O biri tərəfdən) şəhər əhalisi (qonaqların gəldiyindən xəbər tutub) sevinə-sevinə (Lutun evinə tərəf) gəldi. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! Allahdan qorxun və məni hörmətdən salmayın!” Dedilər: “Məgər biz sənə dünya adamlarını (qonaq saxlamağı) qadağan etməmişik?” ———————————————————————————– Nə üçün İbrahim (ə) qonaqlardan qorxduğunu deyir? İbrahim (ə) bu sözü qonaqlar oturduqdan, İbrahim (ə) onlara buzov kəsdikdən və onların yemədiyini gördükdən sonra söyləyir. (Hud surəsinin 70-ci ayəsində də bu mövzuya işarə edilmişdir). Yalnız bu qəribə davranışdan sonra İbrahim (ə) qorxu hissi keçirir və onlardan qorxduğunu söyləyir[19]. Bəzi təfsirçilər yazırlar ki, həm o dövrdə, həm ondan sonrakı dövrlərdə, həm də müasir dövrdə bəzi xalqlarda təklif edilmiş duz-çörəyi yeyən adamdan heç bir təhlükə toxunmayacağı, duz-çörəkdən imtina edən şəxsin düşmənçilik, kin-küdurət niyyətində olması inancı olmuş və olmaqda davam edir. İbrahim (ə) də bu səbəbdən qorxu hissi keçirmişdir[20]. İshaq – İbrahimin elmli oğlu: Şübhəsiz ki, elmli oğul deyilərkən həzrət İshaq (ə) nəzərdə tutulmuşdur. Çünki mələklər bu müjdəni İbrahmə (ə) verdiklərində qısır olan və ana ola biləcək yaşı da keçmiş zövcəsi Sara orada olmuş, bu müjdə ona da verilmişdir. Onu da bilirik ki, Sara İshaqın (ə) anasıdır və İbrahimin (ə) daha öncədən Hacərdən İsmail (ə) adlı oğlu var idi[21]. Onu da qeyd etməliyik ki, İshaqın (ə) elm sahibi kimi təqdim edilməsi bəlkə də onun adi elmlərdən daha yüksək elmə malik olacağını xəbər vermək üçün idi. Yəni o, ilahi təlimlərlə təlimatlandırılacaq və ona göydən vəhy endiriləcəkdi. Belə ki, “Saffat” surəsinin təxminən buna bənzəyən 112-ci ayəsində belə buyurulmuşdur: “Biz İbrahimi İshaqla, layiqlilərdən olan peyğəmbərlə müjdələdik”. Bu ayə həzrət İshaqın qeyb aləmi ilə əlaqəsi olduğundan xəbər verir[22]. Lutun (ə) həyat yoldaşının həlak olması: Lutun (ə) həyat yoldaşı kafirlərlə əlbir, evdə daxili düşmən idi. O, kafirlərlə razılığa gəlmişdi ki, peyğəmbərin evinə gizlicə kimsə gəlsə, bacada od yandırıb onları xəbərdar etsin. Buna görə də məhvinə əmr edildi[23]. Nə üçün Luta (ə) qonaq qəbul etməsi qadağan edilmişdi? Lutun (ə) qövmü xəsis və paxıl adamlar idi, əsla evlərinə qonaq çağırmazdılar. Yaşadıqları şəhər isə düz karvan yolunun üzərində yerləşirdi. Onlar kiminsə orada qalmaması üçün bu çirkin davranışı şəhərdə təzə məskunlaşanlara tətbiq etmiş, get-gedə bu davranış onlar üçün adət halını almışdı. Lut (ə) isə orada qərib bir adam görsəydi, çətinliyə düşməməsi üçün onu evinə dəvət edərmiş. Onlar bu hadisədən xəbər tutduqlarında çox qəzəblənir və ona qonaq qəbul etməyi açıq şəkildə qadağan edirlər. Ehtimal ki, ayədə “dünya adamları” deyilərkən də məhz yoldan ötənlər və o şəhərin, o diyarın sakini olmayaıb yolu buradan düşən şəxslər nəzərdə tutulmuşdur[24]. Dedi: “Bunlar mənim qızlarım! Əgər düz iş görmək istəyirsinizsə, (onlarla evlənin, günahdan çəkinin)!” (Ey Mühəmməd!) And olsun sənin canına, onlar məstlikləri içində başlarını itirmişdilər. Nəhayət, Günəş doğanda qorxunc səs (ildırım, göy gürültüsü və zəlzələ ilə müşayiət öldürücü olunan bir səs) onları bürüdü. Oranın altını üstünə çevirdik və onların üzərinə daş yağdırdıq. Bunda arif adamlar üçün dəlillər vardır. Onların şəhərləinin xarabalıqları daim istifadə edilən yolun üstündədir. Bunda möminlər üçün dəlillər vardır. Əykə əhalisi (Şüeybin qövmü) də zalım idi. Onlardan da intiqam aldıq. Hər iki viran qalmış şəhər (Lutun qövmünün şəhəri və Əykə) aydın görünən yol üzərində yerləşir. Hicr əhalisi də peyğəmbərləri yalançı saydı. Biz ayələrimizi onlara göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər. Onlar dağların qoynunda möhkəm evlər yonurdular. Onları sübh çağı qorxunc səs bürüdü. Əldə etdkləri onları ilahi əzabdan xilas etmədi. Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. Vəd olunmuş saat, mütləq, gələcəkdir. Odur ki, Sən yaxşıca üz döndər! (Onları nadanlıqlarına görə qınama!) Həqiqətən, Rəbbin yaradandır, biləndir. Biz sənə “təkrarlanan yeddi”ni (Fatihə surəsini) və əzəmətli Quranı verdik. Onların bəzi təbəqələrinə verdiyimiz maddi nemətlərə əsla göz dikmə, onların malik olduqlarına görə kədərlənmə, (lütf və mərhəmət) qanadlarını möminlərin üzərinə sal! Və de: “Mən aşkar bir qorxudanam!” Biz (Allahın ayələrini) bölənlərə də belə (əzab) göndərmişdik. ———————————————————————————– Allah Peyğəmbərin (s) canına and içir: Məşhur səhabə İbn Abbasa istinad edilən bir hədisdə belə deyilir: “Allah Özünə Mühəmməddən (s) əziz adam yaratmamışdır. Mən Allahın ondan başqa kiminsə canına and içdiyini eşitməmişəm.”[25] Daxilə fikir verən arif insanlar: “Mutəvəssim” (arif) ərəb dilində zahiri əlamətləri görüb onun daxilini anlayan, yəni işarədən anlayan insana deyilir. Ayənin mənası belədir: Lutun (ə) qövmünə göndərilmiş əzab və şəhərlərinin viran qoyulması hadisəsində əlamətlər var. Ağıllı və dərrakəli insanlar bu əlamətləri görməklə hadisənin mahiyyətinə varır, iman və təqvaları artır. Bu xüsusiyyət hər kəsin malik olduğu iman gücündən asılıdır. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Möminin zəkasından qorxun. Çünki o, Allahın nuru ilə görür.” Sonra bu ayəni oxumuşdur. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Elə bir insan yoxdur ki, iki gözünün arasında mömin və ya kafir yazılmamış olsun. Bu yazını siz görməzsiniz. Amma bu Ali-Mühəmmədin (s) imamlarından gizli deyil. Onların hüzuruna kim daxil olarsa, elə ilk baxışda onu tanıyar, kafir və ya mömin olduğunu bilərlər.” Sonra İmam (ə) bu ayəni tilavət etmişdir. Əlbəttə, imamlar dərrakəli insanların ən yüksək nümayəndələridir. Bu ayə onlarla məhdudlaşmır[26]. Lutun (ə) yaşadığı şəhərin xarabalıqları: Bu ayəni izah edərkən təfsirçilər Lut (ə) qövmünün əzab göndərilmiş şəhərlərinin xarabalıqlarının Mədinə-Şam istiqamətindəki karvan yolunun üzərində yerləşdiyini, bu yolla səfərə çıxanların həmin xarabalıqları gördüklərini qeyd etmişlər. Bu surənin 79-cu ayəsində də eyni məsələyə işarə edilmişdir[27]. Peyğəmbərlərdən birini yalançı hesab etmək onların hamısını yalançı hesab etmək deməkdir: Allah-taala bu ayədə Səmud qövmünün bütün peyğəmbərləri yalançı hesab etdiklərini qeyd etmişdir. Halbuki onlar təkcə Salehi (ə) yalançı hesab etmişdilər. Bu isə bütün peyğəmbərlərin dəvətinin mahiyyətcə eyni olması ilə bağlıdır. Bütün peyğəmbərlər din olaraq yalnız İslam gətirmişdir. Fərq isə qanunlarda və bəzi əməli hökmlərdə olmuşdur. Peyğəmbərlərin hər biri özündən əvvəlki peyğəmbərləri təsdiq etmişdir. Deməli, bu peyğəmbərlərdən hər hansı birini qəbul etməyən şəxs peyğəmbərliyi inkar etmiş olur[28]. Təkrarlanan yeddi (Səbül-məsani): Allah-taala bu ayədə Peyğəmbərə düşmənlərin çoxluğu və yaratdıqları çətinliklər qarşısında dəstək vermək üçün ona heç nə ilə müqayisə edilməyəcək bir neməti – əzəmətli Quranı və mübarək “Fatihə” surəsini xatırladır. “Səb’” sözü ərəb dilində yeddiyə, “məsani” isə ikiliklərə deyilir. Təfsirçilərin və hədislərin çoxu “təkrarlanan yeddi” deyilərkən “Fatihə” surəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Çünki bu surə yeddi ayədən ibarətdir. Bu surə mühüm əhəmiyyət daşıdığı və əzəmtli məzmuna malik olduğu üçün Peyğəmbərə (s) iki dəfə nazil olması və ya bir hissəsi bəndənin təşəkkür və tərifini, ikinci hissəsi isə bəndənin istəyini ehtiva etməklə iki hissədən ibarət olması, ya da namazda iki dəfə təkrarlanması baxımından “təkrarlanan” adlandırılmışdır[29]. Lütfkarlıq və mərhəmətin son həddi: “Qanadını möminlərin üzərinə sal” cümləsi təvazökarlıq və mülayimliyi fadə edir. Çünki quş öz balalarını ağuşuna almaq istədikdə qol-qanadını açaraq balalarının üzərinə sərir. Bu cümlə ilə möminlərlə səbirli, dözümlü və onların səviyyəsinə uyğun davranmaq da nəzərdə tutula bilər. Ümumiyyətlə, “möminləri qanadlarının altına yığır” ifadəsi Peyğəmbərin (s) bütün gücünü, səy və təlaşını möminlərin təlim-tərbiyəsinə sərf etməsinə dəlalət edir. Eynilə quşlar da belədir. Qanadlarını balalarının üzərinə açdıqda uçmur, onlardan ayrılmır[30]. Hər halda bu ayə Quranın möminlərə verdiyi ən gözəl müjdələrdən biridir. 91. Onlar Quranı böldülər (xeyirlərinə olanı qəbul etdilər, nəfsani istəklərinin əksinə olanı tərk etdilər). Rəbbinə and olsun ki, (Qiyamətdə) onların hamısından soruşacağıq – etdikləri əməllər barəsində. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir (və onlara etina etmə). Biz iztehza edənlərin şərini səndən uzaq edərik, Allahla yanaşı məbud seçənlərin. Onlar tezliklə başa düşəcəklər. Biz onların dediklərindən sıxıldığını (narahat olduğunu) bilirik. Sən Rəbbinə həmd və tərif de və səcdə edənlərdən ol! Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et. [1] Əl-Mizan, c.12, səh.93 [2] Əl-Mizan, c.12, səh.95; Nümunə, c.11, səh.7 [3] Əl-Mizan, c.12, səh.96; Nümunə, c.11, səh.15 [4] Əl-Mizan, c.12, səh.99; Nümunə, c.11, səh.18 [5] Nümunə, c.11, səh.36 [6] Nümunə, c.11, səh.54 [7] Pəyame-Quran, c.2, səh.316 [8] Nümunə, c.11, səh.58 [9] Əl-Mizan, c.12, səh.144 [10] Nümunə, c.11, səh.61 [11] Nümunə, c.11, səh.78 [12] Əl-Mizan, c.12, səh.158 [13] Nümunə, c.11, səh.72 [14] Pəyame-Quran, c.1, səh.416 [15] Nümunə, c.11, səh.73 [16] Əl-Mizan, c.13, səh.169; Pəyame-Quran, c.6, səh.418 [17] Pəyame-Quran, c.1, səh.418 [18] Nümunə, c.11, səh.78 [19] Əl-Mizan, c.12, səh.179 [20] Nümunə, c.11, səh.99 [21] Nümunə, c.11, səh.99 [22] Əl-Mizan, c.12, səh.179 [23] Ətyəbül-bəyan, c.8, səh.54 [24] Nümunə, c.11, səh.110 [25] Məcməül-bəyan, c.6, səh.142 [26] Əl-Mizan, 12, səh.184 [27] Nümunə, c.11, səh.114 [28] Təfsiri-mövzui, c.6, səh.332 [29] Nümunə, c.5, səh.129 [30] Əl-Mizan, c.12, səh.191

QURANI KƏRIM 01.02.2025

“İbrahim” surəsi

“İbrahim” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. (Bu,) insanları öz Rəblərinin izni ilə qaranlıqdan nura – qüdrətli, tərifəlayiq Allahın yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir kitabdır. O Allahın ki, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Şiddətli əzabdan ötrü vay kafirlərin halına! O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyməyə çalışırlar. Onlar uzaq bir azğınlıq içindədirlər. Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində danışan göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, qüdrətlidir, hikmət sahibidir. Biz Musanı möcüzələrimizlə göndərib (ona): “Qövmünü qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”. Bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır. —————————————————————————————- İmamlar (ə) Quranı bilən şəxslərdir: Surənin əvvəlində də qeyd etdiyimiz kimi, onun əsas hədəfi Quranın haqq olduğunu sübuta yetirməkdir. Allah-taala surənin sonunda eyni hədəfə bir daha işarə edərək Peyğəmbəri (s) inkar edən şəxslərə buyurur: Peyğəmbərin (s) şahidi Allah Özüdür. Habelə Quranı öyrənmiş, onu bilən, onu tam mənimsəmiş şəxs də Quranın Allah tərəfindən göndərildiyinə və Peyğəmbərin (s) Allahın elçisi olmasına şahidlik edir. Bir çox Əhli-beyt (ə) hədislərində “kitabı bilən şəxs”in İmam Əli (ə) və ondan sonrakı imamlar olduğu qeyd edilmişdir. Çünki onlar Quranı tam bilən və onun rəmzlərindən tam şəkildə xəbərdar olan şəxslərdir[1]. İbrahim surəsinin ümumi məzmunu: Bu surədə inanclar, öyüd-nəsihətlər, keçmiş xalqların ibrətamiz hekayələrindən bəhs edilir, peyğəmbərlərin missiyasi və səmavi kitabların göndərilməsinin məqsədi açıqlanır[2]. Peyğəmbər (s) Quranın icraçısıdır: Bu ayənin diqqət çəkən cəhəti Allahın “bu Quranı sənə nazil etdik ki, insanları qaranlıqdan işığa çıxarasan”, – deyə buyurmasıdır. Yəni Quran bəşəriyyətin hidayət və xilas kitabı olsa da, bir icraçıya ehtiyacı var. Həqiqət yolunu itirmiş insanları Quran vasitəsilə zülmətdən işığa çıxartmaq üçün Peyğəmbər (s) kimi bir rəhbərin olması şərtdir. Buna görə də bütün əzəmət və böyüklüyünə baxmayaraq, rəhbər, icraçı və bələdçi olmadan Quran bütün problemləri həll edə bilməz[3]. Peyğəmbərlər çağırışlarını öz xalqlarının danışdığı dildə etmişlər: Peyğəmbərlər birinci növbədə arasından seçildikləri xalqla təmasda olurdular. Peyğəmbərlərə göndərilən vəhyin ilk şüası həmin xalqa işıq salır, ilk səhabə və dostlar bu xalqın arasından seçilirdi. Buna görə də həqiqətləri daha aydın şəkildə çatdırmaları üçün hər bir peyğəmbərin arasından seçildiyi xalqın dilində danışması lazım idi. Bu ayədən həm də peyğəmbərlərin dəvətinin qeyri-adi bir dəvət olmadığı, insanların azğınlıqdan haqq yola çıxarılmasının möcüzəli şəkildə baş vermədiyi məlum olur. Yəni peyğəmbərlərin vəzifəsi arasından seçildikləri xalqın dilində danışıb onlara ilahi çağırışı izah etməkdən ibarət olmuşdur. İnsanları hidayət etmək və ya haqq yoldan sapdırmaq artıq peyğəmbərlərə aid olmayan bir işdir. Peyğəmbərlərin çağırışını qəbul və ya inkar etməsindən asılı olaraq insanları müvafiq şəkildə hidayət etmək və ya azğınlıq içində saxlamaq Allahın işidir[4]. Allahın günləri: Şübhəsiz ki, burada “günlər” deyilərkən xüsusi günlər nəzərdə tutulmuşdur. Bütün günlər və və bütün varlıqlar Allaha məxsus olduğu halda, xüsusi günlərin Allaha aid edilməsi şübhəsiz ki, həmin günlərdə baş vermiş və baş verəcək, onları başqa günlərdən fərqləndirən və Allahın hökmünü aşkara çıxaran hadisələrlə bağlıdır. Deməli, Allahın günləri deyilərkən şübhəsiz ki, Allahın hökmünün, təkliyini ifadə edən ayə və möcüzələrin, dəlil və sübutların zahir olduğu zamanlardır. Məsələn, insan öldüyü gün Allahın axirət dəlili aşkara çıxır, dünyaya aid olan səbəbiyyət qanunları öz təsirlərini itirir. Məsələn, Qiyamət günü heç kəs başqası üçün özbaşına bir iş görə bilməyəcək, hər şey Allahın əlində olacaq. Nuh, Ad və Səmudun qövmlərinin məhv olduğu günlər də buna misaldır. Həmin günlər Allahın güc və qüdrətinin, qalibiyyətinin aşkara çıxdığı, ilahi izzətin təzahür etdiyi günlərdir. İlahi rəhmət və nemətin təzahür etdiyi günlər də buraya aid edilə bilər. Yəni burada ilahi nemətlərin təzahür etdiyi günlərdən söhbət gedir. Məsələn, Həzrət Nuh (ə) və səhabələrinin gəmi ilə xilas olduğu, Allahın bərəkətindən faydalandığı, salamat qaldığı, İbrahim (ə) üçün odun gülüstana çevrildiyi gün və sair buna misaldır. Əhli-beyt (ə) hədislərində “Allahın günləri” üçün bir çox nümunələr qeyd edilmişdir. Bu günlərin ən bariz nümunəsi həzrət Mehdinin (ə) zühur edəcəyi gündür[5]. (Xatırla ki, bir) zaman Musa öz qövmünə demişdi: “Allahın sizə verdiyi neməti və sizi Firon əhlindən xilas etdiyi zamanı xatırlayın. Onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbinizdən sizin üçün böyük bir sınaq var idi”. (Habelə xatırlayın ki, bir) zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər naşükürlük etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. Musa (İsrail oğullarına) dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allaha heç bir zərər yetirməzsiniz, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir”. Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının və onlardan sonra Allahdan başqa heç kəsin xəbəri olmadığı tayfaların xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz təbliğinə ezam olunduğunuzu inkar edirik və bizləri dəvət etdiyiniz barəsində şəkk-şübhə içindəyik!” Elçiləri dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Onlar dedilər: “Siz də bizim kimi insanlarsınız. Bizi atalarımızın ibadət etdiklərindən döndərmək istəyirsiniz. Bizə açıq-aydın bir dəlil və möcüzə gətirin”. —————————————————————————————— Şükürün həqiqəti: Şübhəsiz ki, verdiyi nemətlərin müqabilində Allah-taalanın bizim şükürümüzə ehtiyacı yoxdur. Əgər şükür edilməsini göstəriş veribsə, bu, həmin nemətlərin artırılması üçündür. Əgər şükürün həqiqətini açsaq, onunla nemətin artması arasında hansı əlaqənin olduğuna və tərbiyəvi amil rolunda necə çıxış etdiyinə aydınlıq gələr. Şükür təkcə dildə təşəkkür edib “həmd Allah üçündür” deməkdən ibarət deyil. Şükürün üç mərhələsi var: birinci mərhələ neməti bəxş edənin kimliyinə diqqət yetirməkdən, ikinci mərhələ dildə təşəkkür etməkdən, üçüncü mərhələ əməldə şükür etməkdən ibarətdir. Yəni ilk öncə verilən nemətin bizə hansı məqsədlə bəxş edildiyi haqqında düşünüb onu öz yerində istifadə etməliyik. Əgər belə etməsək, nemətə nankorluq etmiş olarıq. Belə ki, göz nemətini Allahın nişanələrini görmək, qulaq nemətini Allahın ayələrini dinləmək, ağıl nemətini Aıllahı tanımaq üçün istifadə etsək və ümumiyyətlə, nemətlərin hər birini onlara aid olan yerlərdə istifadə etsək, Allaha şükür etmiş hesab edilirik. Yox, əgər dayanmadan dildə şükür etdiyimiz halda, həmin nemətləri zülm, itaətsizlik, xudpəsəndlik, lovğalıq, təkəbbür, Allaha yadlaşmaq vasitəsinə çevirəriksə, nemətlərə qarşı nankorluq etmiş sayılırıq. İmam Sadiq (ə) buyurmuşdur: “Şükürün ən aşağı dərəcəsi nemətlərin Allah tərəfindən verildiyini bilmək, Allahı yaddan çıxarmamaq və qəlbin özünü tamamilə nemətlərin ağuşuna atmaması, Allahın verdiynə razı olmaq, verdiyi nemətləri itaətsizlik vasitəsinə çevirməmək, nemətlərindən istifadə edə-edə əmr və qadağalarına qarşı çıxmamaqdır.” Bu hədisdən güc, qüdrət, elm, ağıl qüvvəsi, ictimai nüfuz, var-dövlət, sərvət, sağlamlıq üçün olan şükürün və nankorluğun necə olması aydınlaşır. İmam Sadiq (ə) bir hədisində belə buyurmuşdur: “Nemətin şükürü günahdan çəkinməkdir.” Buradan şükür etməklə nemətin artması arasında əlaqə olduğu da aydın olur. Əgər insanlar Allahın verdiyi nemətləri onların həqiqi yerlərində istifadə etsələr, əməli olaraq bu nemətlərə layiq olduqlarını sübuta yetirmiş olurlar. Bu ləyaqət isə daha böyük nemətin verilməsinə və ilahi lütfkarlığın artmasına səbəb olur[6]. Bunlarla yanaşı elə ləyaqətsiz insanlar da vardır ki, nəinki nemətin artımına layiq deyillər, hətta sahib olduqları da onlar üçün çoxdur[7]. Dünya və axirət xoşbəxtliyi peyğəmbərlərin (ə) göndərilmə səbəbidir: “O, günahlarınızı bağışlamaq və sizə müəyyən vaxta qədər möhlət vermək üçün sizi çağırır”. Bu kiçik cümlə peyğəmbərlərin əsas hədəfini bəyan edir. Belə ki, ilahi qanunlardan biri hər bir varlığın özünə xas olan xoşbəxtlik və səadətə yönləndirilməsidir. İnsan bu varlıq sisteminə aid olan növlərdən və sözügedən yönləndirmənin şamil oduğu varlıqlardandır. İnsanın malik olduğu həyat əbədi olduğu üçün dünya ilə məhdudlaşmır, ölümlə başa çatmır. Deməli, insan bu dünyada elə həyat sürməlidir ki, bu həyat onu əbədi xoşbəxtliyə qovuşdursun. Əgər insan dünyada başlı-başına buraxılarsa, nəfsani istəklərin təsiri altına düşər, nəticədə, itaətsizlik göstərib zülm edər, buna görə də iki əzaba düçar olar: birinci əzab insanı bu dünyada haqlayar, onun normal və təmiz bir həyat sürməsinə imkan verməz, əcəli çatmamış onu bu dünyadan aparar. Keçmiş xalqların düçar olduqları əzablar buna bir sübutdur. İkinci əzab etdiyi günahlara görə insanın o dünyada düçar olacağı və onu əbədi xoşbəxtlikdən məhrum edəcək əzabdır. Allah-taala insanı kamilləşdirmək üçün peyğəmbərlər göndərir və bu vasitə ilə onlara xoşbəxtliyə nail olmanın yollarını göstərir. Deməli, peyğəmbərlərə tabe olmanın iki faydası vardır: Birincisi, dünyəvi faydadır. Allah-taala bu fayda haqqında belə buyurmuşdur: “Müəyyən edilmiş vaxta qədər sağ qalmağınız və dünya nemətlərindən faydalanmağıız üçün”. İkincisi, axirət faydasıdır. Allah-taala bu fayda haqqında da belə buyurmuşdur: “İtaət göstərəcəyiniz təqdirdə günahlarınızı bağışlamaq, axirət əzabından xilas olmağınız və əbədi xoşbəxtliyə nail olmağınız üçün”[8]. Peyğəmbərləri onlara dedilər: “(Bəli) biz də sizin kimi bir insanıq. Lakin Allah bəndələri arasından istədiyinə (və layiq gördüyünə) nemət bəxş edir (peyğəmbərlik verir). Allahın əmri olmadan biz sizə heç bir möcüzə göstərə bilmərik. Möminlər ancaq Allaha təvəkkül etsinlər. Bizə (xoşbəxtlik) yollarını göstərdiyi halda, nə üçün Allaha təvəkkül etməyək? Sizin bizə verdiyiniz əziyyətlərə dözəcəyik. Təvəkkül edənlər yalnız Allaha təvəkkül etsinlər”. Kafirlər peyğəmbərlərinə dedilər: “Bizim dinimizə qayıtmayınca sizi öz torpağımızdan qovacağıq!” Rəbləri isə onlara belə vəhy etdi: “Biz zalımları məhv edəcəyik.” Onlardan sonra sizi yerdə sakin edəcəyik. Bu, məqamdan (ədalətdən) və əzabımdan qorxanlara aiddir”. Onlar (Allahdan) qələbə istədilər. Hər bir azğın dikbaş ziyana uğradı. Onu Cəhənnəm gözləyir; (orada) ona irinli, üfunət qoxulu su içirdiləcək. Öz istək və meyli ilə içməyə hazır olmadığı bu suyu qurtum-qurtum içəcək. Ona hər yerdən ölüm gələcək, lakin o ölməyəcəkdir. Bunun ardınca da ağır bir əzab gələcəkdir. Rəblərini inkar edənlərin əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən az da olsa, heç bir fayda əldə edə bilməzlər. Budur uzaq və uzun azğınlıq! —————————————————————————————- Üfunətli, pis qoxulu su: Peyğəmbər (s) bu ayə barəsində belə buyurmuşdur: “O üfunətl və pis qoxulu suyu cəhənnəmlik şəxsin yanına aparacaqlar. O, özünü arxaya çəkəcək. Bu vaxt daha da yaxınına aparacaqlar. Üzü onun hərarətindən bişəcək, başının dərisi soyulacaq. Bu suyu ona içirdiklərində içi parça-parça olacaq, bədəninin aşağı hissəsindən süzüləcək. Allah-taala onların barəsində belə buyurmuşdur: “Onlara içlərini parçalayan qaynar sudan içirdiləcək.” Həmçinin buyurmuşdur: “Su istədiklərində onlara üzləri bişirən dəmir ərintisinə bənzər bir su gətirəcəklər”[9]. Qeyri-müsəlman yaxşı əməl sahibləri və ixtiraçıların mükafatı: Quranın bu və digər ayələrinə əsasən deyə bilərik ki, kafirlər və tövhid inancı olmayan şəxslərin əməlləri zahirdə yaxşı və gözəl olsa da, Allah yanında heç bir dəyərə malik deyil. Çünki insan varlığını bir ağaca bənzətsək, inanc və etiqadlar onun kökü, əməl və davranışlar isə budaq və yarpaqları simvolizə etmiş olacaq. Kafirlərdə ağacın kökləri çürümüşdür. Həmin ağac kənardan gözəl və möhkəm görünsə də, kökü yoxdur. Buna görə də dəyərsizdir. Burada ortaya belə bir mühüm sual çıxır: Bütün ömrünü xalqa, insanlara xidmət etməyə sərf etmiş və yaxşı işlər görmüş kafirin vəziyyəti necə olacaq? Qeyd etməliyik ki, bu cür insanların vəziyyəti iki haldan xaric deyil; onlar ya maddi maraq güdüb varlanmaq, şöhrət qazanmaq istəyiblər, ya da insani maraqlar güdüb, yalnız insanlığa xidmət haqqında düşünüblər. Birinci qrupun vəziyyəti məlumdur. Onlar heç özləri də Allahdan və insanlardan heç nə güdməyiblər. Onların niyyəti mənfəət əldə etmək və məşhurlaşmaq olub, buna da nail olublar. İkinci qrupa gəldikdə, şübhəsiz ki, onlar Allah tərəfindən layiq olduqları mükafatı alacaqlar. Bu mükafat bu dünyada da verilə bilər, o dünyada da. Ancaq bir məsələ gün kimi aydındır ki, alim və adil Allah onları mükafatsız qoymayacaq. Ancaq bu mükafatlandırmanın necə olacağı xırdalıqları ilə bizə məlum deyil. Bu qədər deyə bilərik ki, “Allah yaxşı işlər görənlərin mükafatını puç etməz”. Əgər insanlara xidmət imanla müşayiət olunarsa, əməl sahibi Allah tərəfindən ən yüksək mükafata layiq görüləcək. Əks təqdirdə mükafatdan tamamilə məhrum olacaq. Əlbəttə, əməlin mükafatı Cənnətə daxil olmaqla şərtlənmir. İmam Kazim (ə) hədislərinin birində belə buyurmuşdur: “Bəni-İsraildə mömin bir kişinin kafir bir qonşusu var imiş. Kafir kişi mömin qonşusu ilə çox yaxşı davranırmış. Dünyasını dəyişdikdən sonra Allah ona odun istisini dəf edəcək bir ev bəxş etdi… Ona deyildi: Bu, mömin qonşunla yaxşı davrandığın üçündür.” Peyğəmbər (s) Qüreyş başçılarından və Cahilyyət dövrünün məşhur müşriklərindən olan Abdullah ibn Cədanın haqqında belə buyurmuşdur: “Cəhənnəm sakinləri arasında ən az əzab görən şəxs Cədandır.” Səbəbini soruşduqda buyurmuşdu: “Çünki o, aclara yemək verirdi”. Peyğəmbər (s) Ədiyy ibn Hatəmə (Hatəm Tainin oğluna) belə buyurmuşdur: “Səxavətinə görə şiddətli əzab atandan götürülmüşdür.”[10] Allahın göyləri və yeri haqq olaraq yaratdığını görmürsənmi? Əgər istəsə, sizi aparıb yeni bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir. (Qiyamət günü) onların hamısı Allahın hüzuruna çıxarılacaq. Bu vaxt zəiflər (nadanların arxasınca düşüb gedənlər) təkəbbürlük edənlərə (və azğın rəhbərlərə) deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz Allahın əzabının bir hissəsini qəbul edib bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (Ancaq artıq iş-işdən keçib. İndi) dözümsüzlük göstərsək də, səbir etsək də bizim üçün eynidir. Qaçacaq yolumuz yoxdur”. İş bitdikdə Şeytan deyəcək: “Allah sizə doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədə xilaf çıxdım. Mənim sizin üzərinizdə heç bir hökmranlığım yox idi. Mən sizi yalnız dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin fəryadınıza çata bilərəm, nə də siz mənim fəryadıma çata bilərsiniz. Mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Şübhəsiz ki, zalımlar üçün üzücü bir əzab var. İman gətirib saleh əməllər edənləri isə ağacları altından çaylar axan, Rəbbinin izni ilə içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəklər. Onların orada qarşılaşarkən bir-birinə edəcəkləri dua: “Salam!” olacaqdır. Allahın xoş bir sözü kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağaca necə bənzətdiyini görmədinmi? ———————————————————————————- Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik: “Hidayət” (doğru yola yönəltmək) deyilərkən Cəhənnəm əzabından xilas yolunu göstərmək nəzərdə tutulur. Yəni təkəbbürlü azğın rəhbərlər əzab içində yandıqları halda nadan ardıcıllarına deyəcəklər: “Əgər Allah bizə Cəhənnəmdən çıxmağın yolunu göstərsəydi, biz də sizə göstərərdik. Niyyətləri dünyada haqq dinə doğru yönləndirmə də ola bilər. Yəni Allah dünyada bizi doğru yola yönəltsəydi, biz də sizi yönəldərdik. Lakin biz təkəbbürümüz, siz də axmaqlığınız ucbatından azğın və Cəhənnəmlik olduq. Əslində, hər iki təfsir eyni məzmunu ifadə edir. Çünki Qiyamət günü aşkara çıxan insanın dünyadakı inancları və əməllərindən başqa bir şey deyil. Onların həqiqəti bu dünyada bəlli olmasa da, axirətdə üzə çıxacaq.[11] Şeytanın vəsvəsəsi insanın ixtiyarını əlindən almır: Bu ayədən belə başa düşülür ki, Şeytanın vəsəvəsələri insanın ixtiayını, iradəsini və azadlığını ondan almır. Əslində, Şeytanın işi yalnız dəvət etmək və çağırmaqdır. İnsanlar Şeytanın dəvətini öz iradələri ilə qəbul edirlər. Ancaq insanın yanlışları və günahları davam etdirməsi elə həddə çata bilər ki, artıq Şeytanın vəsvəsələri qarşısında heç bir ixtiyarı olmaz. Narkotika aludəçilərinin asılılığını buna misal göstərmək olar. “Nəhl” surəsinin 99-100-cü ayələrində Allah-taala belə buyurmuşdur: “Şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünün himayəçisi edənlər və Allaha şərik qoşanlar üzərindədir.” Şeytan bu şəkildə öz günahlarını onun boynuna atan, onu azğınlıqların səbəbkarı hesab edən, ona lənətlər yağdıranların hamısının cavabını verir və özlərini sudan quru çıxarmağa çalışanların puç məntiqlərini alt-üst edir[12]. Pak tövhid ağacı: Quran ayələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, pak ağaca bənzədilmiş “pak söz” deyilərkən Allahın təkliyinə həqiqi və sabit inam nəzərdə tutulmuşdur. Bu etiqadın kökü və əsası əsla məhv olmur, dəyişikliyə və çevrilməyə məruz qalmır. Buna görə də o, bütün həqiqətlərin və bərəkətlərin cücərdiyi sabit ağac kökünə bənzədilmişdir. İnsan cəmiyyətinin həqiqi həyatı, maddi və mənəvi varlığının asılı olduğu pak inanclar, gözəl əxlaq və saleh əməllərin hamısı bu kökdən qaynaqlanır. Tövhid və allahpərəstlik insanın varlığına kök atdığı zaman insan özü həmin pak ağacın bir nümunəsinə çevrilir, bir tərəfdən qəlbi və ruhu aləmin Rəbbinə qovuşur, digər tərəfdən insanlar onun varlığının bərəkətindən bəhrələnirlər. Buna görə də bu ayəni izah edən Əhli-beyt (ə) hədislərində sözügedən pak ağac İslam peyğəmbəri (s) və onun pak ailəsi hesab edilmişdir. Hətta sabit və sarsılmaz tövhid inancından qaynaqlanan, xeyir və bərəkəti bütün dünyanı bürüyən istənilən düzgün etiqadı və hər bir saleh əməli bu ağacın bir nümunəsi hesab etmək olar[13]. Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, xatırlayıb (ibrət alsınlar). Pis sözü isə yerdən qopardılmış və artıq sabit dura bilməyən pis bir ağaca bənzədib. Allah iman gətirənləri dünya həyatında da, axirətdə də sabit etiqad və sözünə görə möhkəm saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər. Məgər sən Allahın nemətlərini küfrə dəyişənləri və öz xalqını yoxluq və həlak yurduna sürükləyənləri görmədinmi? Onlar Cəhənnəmin oduna girəcəklər. Ora necə də pis yaşayış yeridir! Onlar (insanları) Allah yolundan sapdırmaq üçün Ona ortaqlar qoşdular. De: “(Bir neçə gün dünyanın ləzzət və zövqündən) bəhrələnin! Aqibətiniz oddur”. İman gətirən qullarıma de ki, namaz qılsınlar, alış-verişin və dostluğun olmayacağı bir günün gəlməsindən əvvəl onlara verdiyimiz ruzidən Allah yolunda gizli və aşkar xərcləsinlər. Göyləri və yeri yaradan, göydən su endirən, o su ilə sizin üçün ruzi olaraq meyvələr yetişdirən, əmri ilə dənizdə üzməsi üçün gəmiləri sizə tabe və çayları ram edən Allahdır! (Nizam-intizamlı bir proqram üzrə) davamlı hərəkətdə olan Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. —————————————————————————————– Küfr və günahın çirkin ağacı: “Pis söz” xəbis və çirkin olan bütün anlayışları əhatə edir. O cümlədən çirkin, bəyənilməyən danışığa, azdırıcı və səhv proqramlara, çirkin insanlara şamil olur. Təbii ki, kökdən qoparılmış çirkin və pis ağac boy atmaz, inkişaf etməz, ucalmaz, gül açmaz, meyvə gətirməz, kölgə salmaz, mənzərəsi olmaz, sabit və möhkəm olmaz. Belə bir ağac yandırılmaqdan başqa heç bir dərdə dəyməz[14]. Bəzi hədislərdə çirkin Əməvi sülaləsi və ya Əhli-beyt düşmənləri bu ağacın bir nümunəsi hesab edilmişdir[15]. Haqq yolunda qətiyyətli və sabitqədəm olmağın mükafatı: Allah-taala bu ayədə qətiyyətli imanları ilə sabitqədəm olan möminləri mətin olmalarına görə dünya və axirət həyatında düz yoldan sapıntıdan qoruyacağını, xoşbəxtlik yolunda saxlayacağını vəd verir. İnsanın kamillik yüksəlişində adlamalı olacağı mühüm mərhələlərdən biri dünyadan Bərzəx aləminə köçməkdir. Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədisdə Allah-taalanın bu qorxulu və dəhşətli mərhələdə mömini sapıntıdan qoruyacağı qeyd edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim dostlarımız və şiələrimizdən biri can verərkən Şeytan onun sağına və soluna keçib onu bizdən uzaqlaşdırmağa çalışır. Ancaq Allah onun sapmasına imkan vermir. “Allah iman gətirənləri sabit saxlayar” ayəsinin mənası budur.” Əlbəttə, bu, insanin kamillik yüksəlişindəki bir mərhələsidir. Allah bu ayədə sabitqədəm möminləri dünya və axirətdə bütün sapmalardan qoruyacağını vəd vermişdir[16]. Allahın nemətini küfrə dəyşənlər: Bunlar Allahın nemətlərinə şükür etmək əvəzinə nankorluq edən, Allahın nemətlərindən O razı qalmadığı şəkildə istifadə edən küfr rəhbərləri, doğru yoldan sapmış keçmiş ümmətlər və Peyğəmbər (s) ümmətidir. Allahın nemətlərinə ən yaxşı şükür edənlər onlardan Allahın razı qaldığı şəkildə istifadə edənlərdir. Dildə şükür etmək şükürün bir mərhələsidir. Beləliklə, küfr rəhbərləri həm özlərini, həm də xalqlarını yandırıcı Cəhənnəmə sürükləyirlər. İmam Əli (ə) belə buyurmuşdur: “Biz (Əhli-beyt) Allahın bəndələrinə bəxş etdiyi nemətik.” Allahın nemətləri saysız-hesabsızdır. Məsum imamlar (ə) Allahın insanlara bəxş etdiyi ən böyük nemətdir[17]. 32-33. Hər şey sənə ram edilmişdir: Quran nöqteyi-nəzərindən insan o qədər əzəmətlidir ki, bütün varlıqlar Allahın əmri ilə ona ram edilmişdir. Yəni ya onların ixtiyarı insanın əlindədir, ya da insanın mənafeyi üçün hərəkətdədirlər. İnsan o qədər yüksəldilmişdir ki, bütün yaradılış kompleksində bir ali hədəfə çevrilmiş, hər şey ona ram edilmiş, onun əmrinə verilmişdir. Bütün bu nemətlərin şərhi insana yeni şəxsiyyət bəxş edib onu öz əzəmətli məqamı ilə tanış etməklə yanaşı, onda şükür etmək hissini də oyadır. Qeyd etmək lazımdır ki, ram etmək Quranda iki mənada işlədilmişdir: Günəş, Ay və sairənin mövcudluğunun insanların maraqlarına xidmət etməsi ram etmənin bir, gəmilərin dənizlərədə üzməsinin ixtiyarının insana verilməsi isə onun başqa formasıdır[18]. O, sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. İnsan zalım və naşükürdür. (Xatırla!) Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri əmin-amanlıq şəhəri et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaqlaşdır. Ey Rəbbim! Onlar çox adamı azdırıb. Kim mənə tabe ol­­sa, o, məndəndir. Kim də mənə itaətsizlik göstərsə, Sən bağışlayansan, rəhimlisən. Ey Rəbbimiz! Namaz qılsınlar deyə mən övladlarımdan bəzisini Sənin mühafizə olunan evinin  yaxınlığında, heç bir bitki və su olmayan yerdə sakin etdim. İnsanların bir dəstəsinin qəlbini onlara meyilli et və onlara məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər. Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç nə Allahdan gizli deyil. Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim dua eşidəndir. Ey Rəbbim! Məni də, övladlarımdan olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! Ey Rəbbimiz! Haqq-hesab günü məni, valideynlərimi və möminləri bağışla!” Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Əslində, onların (cəzasını) gözlərin bərələ qalacağı günə saxlayır. ————————————————————————————- Ehtiyac duyduqlarınız sizə verilib: Bu ayədə Allahın insanlara lütfkarlıq göstərdiyi, istədiklərinin bir qisminin verildiyi qeyd edilmişdir. Çox vaxt insan özü bilmədən Allahdan ziyanına, hətta məhvinə səbəb olacaq şeylər istəyir. Lakin elm, hikmət sahibi olan mehriban Allah belə bir istəyi yerinə yetirmir. Çox vaxt da insan dili ilə Allahdan nəyisə istəmir, ancaq daxildən, içdən, təbiəti və varlığı ilə onu təmənna edir. Allah insanın dilinə gətirməyib varlığının dərinliklərində təmənna etdiyi bu şeyi ona verir. “İstədiyini” ifadəsini həm sözlü, həm də sözsüz istəyə şamil etmək olar[19]. İbrahimin həqiqi övladları: Öncəki ayədə həzrət İbrahimin (ə) Allahdan onu və övladlarını bütpərəstlikdən uzaq etməsini istədiyini oxuduq. Bununla da onun insanları müşrik və təkallahlı olmaq üzrə iki qrupa böldüyünün şahidi oluruq. Nəzər nöqtəsi olan ayədə isə İbrahim (ə): “Kim mənim yolumu getsə, məndəndir, qəlbində və əməlində mənim yolumdan üz döndərib özünü şirkə bulaşdıran şəxs məndən deyil”, – deyə buyurur. Bəlkə də həzrət İbrahim (ə) bu duasında çox gözəl bir tərzdə demək istəyib ki, İlahi, mən Səndən övladlarımın şirkdən uzaqlaşdırılmasını istəsəm də, əslində, həqiqi övladlarım, hətta bioloji olaraq mənim nəslimdən olmasalar belə, mənim dinimə tabe olan və Sənə ibadət edənlərdir. Tövhid dinindən üz çevirənlərin, hətta bioloji olaraq mənim nəslimdən olsalar da, mənə heç bir aidiyyatı yoxdur. Bu, çox mühüm bir məsələdir. Allah və Onun övliyalarının nəzərində dəyərli olan şey zahiri əlaqələr deyil. Allahın nəzərində dəyər meyarı peyğəmbər və imamlarla olan mənəvi əlaqə və ruhi bənzərlikdir. Hədislərin birində İmam Sadiqin (ə) belə buyurduğu nəql edilmişdir: “Bizi sevən biz Əhli-beytdəndir.” (Ravi deyir:) Soruşdum: “Sənə fəda olum, sizdəndir?” Buyurdu: “And olsun Allaha, bizdəndir. Məgər Allahın İbrahim haqqında buyurduğu “kim mənə tabe olsa, həqiqətən, o, məndəndir” kəlamını eşitməmisən?” İmam Sadiqə (ə) aid edilən başqa bir hədisdə deyilir: “Sizlərdən hər kəs Allahdan qorxsa və saleh əməl sahibi olsa, o, biz Əhli-beytdəndir.” Ravi soruşdu: “Siz Əhli-beytdəndir?” Buyurdu: “Bəli, biz Əhli-beytdəndir. Çünki İbrahim (ə) bu barədə belə buyurmuşdur: “Kim mənə tabe olsa, həqiqətən o, məndəndir” Ömər ibn Yezid soruşdu: “Belə bir şəxs Ali-Mühəmməddəndir?” Buyurdu: “Bəli, and olsun Allaha, Ali-Mühəmməddəndir. Məgər Allahın “İbrahimə ən yaxın olan şəxslər ona tabe olanlardır”, həmçinin “kim mənə tabe olsa, həqiqətən o, məndəndir”, – deyə buyurduğunu eşitməmisən?”[20] Hacər və İsmailin Məkkədə tərk edilməsi: İbrahimin (ə) kənizi Hacərdən bir oğlu olur, adını İsmail qoyur. Paxıllıq onun birinci arvadı Saraya güc gəlir və Hacərlə övladı İsmailin varlığına tab gətirə bilmir. Buna görə də İbrahimdən (ə) onları başqa bir yerə aparmasını istəyir. İbrahim (ə) Allahın əmri ilə bu istəyi yerinə yetirir və İsmail ilə Hacəri o dövrlərdə quru, yaşayış üçün əlverişsiz olan Məkkə çölünə aparır. Orada onlarla vidalaşıb geri dönür. Çox çəkmir ki, körpə və ana günəşin istisi altında susayırlar. Hacər körpəsinin canını xilas etmək üçün çox çalışır. Bu yerin böyük bir ibadət mərkəzi olmasını istəyən Allah Zəmzəm bulağını üzə çıxarır. Bir müddətdən sonra bu yerin yaxınlığından keçən bədəvi Cürhüm qəbiləsi hadisədən xəbər tutub orada məskən salır və bu gedişlə Məkkə şəhərə çevrilir[21]. Boyunlarını uzadıb başlarını səmaya doğru yuxarı qaldıracaq, hətta kipriklərini belə qırpmayacaqlar. Ürəkləri boşalacaq. İnsanları ilahi əzabın gələcəyi günlə qorxut. O gün zalımlar deyəcəklər: “Ey Rəbbimiz! Bizə yaxın bir vaxta qədər möhlət ver ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərin arxasınca gedək”. (Ancaq onlara belə cavab veriləcək:) “Məgər daha əvvəl siz fani olacağınız barədə and içməmişdiniz?! Siz özlərinə zülm edənlərin evlərində məskunlaşdınız. Onlarla necə davrandığımız sizə aydın oldu və sizə misallar da çəkdik”. Onlar öz hiylələrini qururdular. Onların hiyləsi dağları yerindən oynatsa belə, Allaha bəllidir. (Hiylələri sənə heç nə edə bilməz). Allahın Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxacağını sanma. Çünki Allah qüdrətlidir, intiqam alandır. O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq və insanlar tək olan qüdrətli Allahın hüzurunda duracaqlar. O gün günahkarları bir-birinə zəncirlənmiş görəcəksən. Onların paltarları qətrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. Allah hər kəsə qazandığının əvəzini vermək üçün belə edəcəkdir. Allah sürətli haqq-hesab çəkəndir! Bu (Quran), insanlara bir ismarışdır. Qoy hamı onun vasitəsilə həm qorxsun, həm Onun tək olan tanrı olduğunu bilsin, həm də ağıl sahibləri ibrət alsınlar. —————————————————————————————- Qiyamət günü zalımların vəziyyəti: Əvvəlki və bu ayədə Qiyamətin beş xüsusiyyəti qeyd edilmişdir: Gözlərin bərəlməsi, boyunların uzanması, başların səmaya doğru yuxarı qaldırılması, kipriklərin qırpınmaması, hər şeyin unudulması. Bu xüsusiyyətlər Qiyamət gününün qorxu və dəhşətindən xəbər verən xüsusiyyətlərdir. Öz məğrur və təkəbbürlü baxışları ilə hər şeyə istehza dolu nəzərlərlə baxan adamlar həmin gün elə aciz duruma düşəcəklər ki, hətta gözlərini qırpmağa belə qüdrətləri çatmayacaq. Qorxulu və dəhşətli mənzərələri görməmək üçün gözlərini göyə dikəcəklər, çünki baxdıqları hər tərəfdə dəhşətli mənzərələrin şahidi olacaqlar. Özlərini tam ağıl sahibi, başqalarını ağılsız sayanlar ağıllarını elə itirəcəklər ki, donmuş, qurumuş, təfavütsüz, hərəkətsiz, qorxu və dəhşət dolu baxışları dəlilərin, hətta ölülərin baxışlarını xatırladacaq. Həqiqətən, Quran hər hansı mənzərənin təsvirini verərkən ən qısa ifadələrlə ən kamil təsvirləri verir. Bu iki ayə də bunun bir nümunəsidir[22]. Bu ayədə hansı günə işarə edilmişdir? Keçən iki ayədə zalımların Qiyamətdəki vəziyyətinə, qorxulu gündə onların vəziyyətinin nə qədər çətin olacağına işarə edilmişdir. Bu ayədə də insanlar ilahi əzabın gələcəyi günlə təhdid edilir. Əllamə Təbatəbai kimi böyük təfsirçilər hesab edirlər ki, burada Qiyamət günü deyil, ilahi əzabın bu dünyada qəfildən gəldiyi, peyğəmbərlərlə onların ümmətləri arasındakı anlaşılmazlığa aydınlıq gətirən, peyğəmbərlərlə düşmənçilik edən zalımların və təkəbbürlülərin məhv edildiyi gün nəzərdə tutulmuşdur. Bu əzab peyğəmbərlərə itaətsizlik göstərən bütün ümmətlər üçün təyin edilmiş və əcəllərinin çatdığı vaxt gerçəkləşən bir əzabdır. Quranda Lut, Hud, Səmud və sair ümmətlərin dünyəvi əzabları açıq şəkildə ifadə edilmişdir. Hətta Peyğəmbərdən (s) sonra onun ümməti hesab edilən bütün insanlar da bu qanundan istisna edilməmişdir. Quranın bir çox ayələrində bu ümmətə elə bu dünyada əzab vədi verilmişdir. İlahi əzabın bu ümmətin zalımlarını yaxalayacağı və məhv edəcəyi gün artıq şirk və günahın kökü kəsiləcək, yer üzündə təkcə möminlər qalacaq. Allah-taala bu barədə belə buyurmuşdur: “Biz Zikrdən (Tövratdan) sonra Zəburda da Mənim saleh bəndələrimin yer kürəsinin varisi (hakimi) olacağını yazmışıq.” (Ənbiya surəsi, 105-ci ayə)[23] Əhli-beyt (ə) hədislərində “Ənbiya” surəsinin 105-ci ayəsinin İmam Mehdinin (ə) zühuruna işarə etdiyini oxuyuruq. Hədislərdə qeyd edilir ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra o, buranı haqq-ədalətlə dolduracaq[24]. Qiyamət təsəvvür edilə bilməyəcək bir hadisədir: Qiyamət günü yer və göylərin əvəzlənəcəyindən bəhs edən ayələri dərindən araşdırdıqda bu mövzunun ağıl və düşüncənin fövqündə olduğu, təsəvvürə sığmayacaq qədər əzəmətli bir hadisə olduğu aydın olur. Təkcə bu qədər başa düşmək olar ki, həmin gün kainatın mövcud sistemi tamamilə dəyişəcək və başqa bir forma alacaq. Bu mövzunu ehtiva edən hədislərdə hissi qavrayışlar əsasında verilən izahların əsas məqsədi ayənin mənasını insanlara uyğun misallarla başa salmaqdır. Quranın çox ayələrində vəziyyət eynidir. Nümunə üçün “Nəbə” surəsinin 20-ci ayəsinə baxaq: “Qiyamətdə dağlar hərəkətə gələcək, ilğıma dönəcəkdir.” Məlumdur ki, “dağların ilğıma dönməsi” deyilərkən onların, ilğım formasına düşməsi deyil, yerlərindən hərəkət etməsi və məhv olması nəzərdə tutulur. Torpağın gümüş formasına düşəcəyini ifadə edən hədislər ağıl və düşüncəyə uyğun izahı ehtiva edir. Yoxsa ki, həmin günün həqiqəti ağıl və dərrakəmizin hüduları xaricindədir[25]. [1] Əl-Mizan, c.11, səh.389 [2] Nümunə, c.10, səh.259 [3] Nümunə, c.10, səh.267 [4] Nümunə, c.10, səh.269; Əl-Mizan, c.12, səh.15 [5] Əl-Mizan, c.12, səh.17 [6] Nümunə. c.10, səh.278 [7] Mənşuri-cavid,c.1, səh.248 [8] Əl-Mizan, c.12, səh.26 [9] Biharul-ənvar, c.8, səh.244 [10] Nümunədən iqtibas, c.10, səh.314 [11] Əl-Mizan, c.12, səh.42 [12] Nümunə, c.10, səh.327 [13] Əl-Mizan, c.12, səh.49 [14] Nümunə, c.10, səh.335 [15] Ətyəbül-bəyan, c.7, səh.384 [16] Əl-Mizan, c.12, səh.54 [17] Əl-Mizan, c.12, səh.63 [18] Nümunə, c.10, səh.355 [19] Nümunə, c.10, səh.357 [20] Əl-Mizan, c.12, səh.69 [21] Nümunə, c.10, səh.362 [22] Nümunə, c.10, səh.375 [23] Əl-Mizan, c.12, səh.80 [24] Əl-Mizan, c.14, səh.338 [25] Əl-Mizan, c.12, səh.87

QURANI KƏRIM 31.12.2024

Tarixdə ilk əvvəldə Quran hərflərinin üzərində hərəkələrin (işarələrin) olmaması onun bu müddət ərzində təhrifdən amanda qalmasına necə dəlalət ola bilər?

Hicri tarixinin birinci əsrinin sonuna qədər Quranın yeganə oxunma yolu eşitməklə olub. Çox Quran qariləri və hafizləri özlərindən əvvəlki mühüm şəxsiyyətlərdən sinədən–sinəyə Quranın mətnini almış və özündən sonraya ötürmüşlər. Ən məşhur qarilərin əsl sənədi İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və İmam Əliyə (əleyhissalam) çatır. Bu uzun müddətdə çox məşhur qarilər meydana çıxdılar ki, sonradan onların özləri Quranın səhih oxunması üçün meyar oldular. Hicri qəməri əsrinin birinci yarısında qeyri–ərəblərin müsəlman olmaları getdikcə Quran kəlmələrində müəyyən əlamət və nişanələrin olması məsələsini qabardır. Həmin illərdə İmam Əlinin (əleyhissalam) şagirdlərindən Əbul–Əsvəd Duəli adlı bir nəfər Quranın hərflərinə əlamət qoyulması məsələsini öhdəsinə alır. O, bu işi çox diqqət və məsuliyyətlə başa çatdırır. Əbul–Əvəd Duəli ( o, məşhur Quran qarilərindən biri olub), Quran qiraətinə tam şəkildə vaqif, ərəb ədəbiyyatına çox yaxşı bələd olub. O həmin şəxsdir ki, İmam Əlinin (əleyhissalam) işarəsi ilə ərəb qramatikasında nəhv elminin əsasını qoymuşdur.[1]    Bundan əlavə, onun Qurana əlamətlər qoyması Quran qariləri və hafizlərinin nəzərindən də kənarda qalmamışdır. Bu da həmin mövzuda Quran kəlmələrinin təhrif olunması haqqında hər cür ehtimalın qarşısını alır. Əbul–Əsvədin Qurana qoyduğu əlamətlər qeyri–müsəlmanların dərdinə yarasa da, hələ də məşhur ərəb qariləri və hafizlər öz məşhur ustadlarından öyrəndikləri qiraətlər əsasında Quranı tilavət edirdilər. Necə ki, tarixdə hər qarinin öz məşhur ustadına istinad etməsi müşahidə olunur. Bəzi qarilər öz qiraətlərini İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və İmam Əliyə (əleyhissalam) qədər istinad edirdilər. Əlbəttə, bəzi qiraətlərin sənədləri digərlərinə nisbət daha çox etibarlı sayılır. Məsələn, Quranın məhşur qari Həfsin Asimdən olan qiraəti şiə qiraətinə daha çox uyğundur. Əbul-Əsvədin başladığı nişanə qoymaq mövzusu sonrakı əsrlərdə daha önəmlə dvam etdirilir və getdikcə daha müasir nişanələrdən, hamının qəti şəkildə qəbul etdiyi əlamətlərdən istfadə olunur. Bu gün artıq Quran hərflərinin əlamətləri ən müasir yollarla həll olunub. Məsələn, sukun, təşdid, mədd və s..işarələr bütün bu mövzuya əlavə olunub.[2] Sinədən–sinəyə keçib bizə çatan məşhur və mütəvatir (dalbadal) nəql olunmuş qirati Əhli–Beyt (əleyhissalam) də qəbul edir. Rəvayətlərdən birində oxuyuruq ki, İmam Sadiq (əleyhissalam) səhabələrdən birinə buyurdu: “ Quranı camaat oxuyan kimi oxu!”Rəvayətin əsl mətni belədir: Salib Əbu Səlimə nəql edir ki, mən gördüm ki, bir nəfər Quranı, İmam Sadiqə (əleyhissalam) camaat arasında məşhur olmayan qiraətlə oxuyur. İmam Sadiq (əleyhissalam) buyurdu: “Belə qiraətdən çəkin! Camaat necə oxuyursa, sən də o cür oxu!…”[3] Beləliklə, Quranın mətni tarix boyu sinədən–sinəyə, əlbə–əl və nəsilbə–nəsil keçərək bizlərə çatmışdır. Buna görə də, İslamın ilk əvvəllərindən xalq arasında həmişə Quran qariləri və hafizləri olmuş, onların xalq arasında xüsusi məqamları olmuşdur. Quran, bu günkü halında olduğu kimi İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) zamanından bu günə kimi müsəlmanlar arasında tilavət və qiraət olunmuş, amma Quran yazılan zaman ərəb xəttinin təzə olması, nöqtələri və əlamətləri olmaması, müxtəlif ərəb qəbiləsi ləhcələrinin mövcudluğu, bəzi qarilərin şəxsi səliqələri, və s..el arasında olan məşhur Quran qiraətinə təsir göstərməmişdir, təkcə bəzi şəxsi qiraətlərdə şəxsi nəzəriyyələr verilmişdir ki, o da müsəlman cəmiyyətləri tərəfindən qəbul olunmamışdır. Rəvayətlərdə gəlmiş məşhur qiraətdən məqsəd isə tarix boyu müsəlman cəmiyyətləri arasında məşhur qarilər və hafizlər tərəfindən oxunmuş Quran qiraətləridir. Həmçinin, Asimin qiraətinin daha məşhur olması bir daha onu sübut edir ki, tarix boyu xalq arasında onun qiraəti daha yayılmış və indiki qiraətlə daha uyğun olmuşdur.[4] Əlbəttə, xəttatlar və gözəl xətlə yazı yazanlar hicri qəməri tarixi ilə dördüncü əsrin axırlarına kimi Quranı kufi xətti ilə yazırdılar. Amma, beşinci əsrin əvvəlində nəsx xətti kufi xəttini əvəz edir və o gündən bu günə qədər Quranın bütün nöqtələri və əlamətləri olduğu kimi qalmaqdadır.[5] [1] Böyük İslami ensklapediya, c.5; səh.182, 190, “Əbul–Əsvəd girişi”; Quran elmləri, Məhəmməd Hadi Mərifət, səh.172, 173, Ət–Təmhid müoəssisəsi. [2] Quran elmləri, səh.170, 175 [3] Quranın prsixoloji təfsiri, Əli Əkbər Babai və başqaları, səh.72, Univeristet və dini elm mərkəzinin birgə təhqiqi, c.1; qum, 1379 şəmsi

QURANI KƏRIM 29.12.2024

“Rəd” surəsi xülasə təfsiri və tərcüməsi

“Rəd” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim, Ra. Bunlar kitabın ayələridir. Rəbbin tərəfindən sənə nazil edilən haqdır, lakin insanların çoxu inanmır. Göyləri gözlə görülə bilən sütunlarsız yüksəldən, sonra da ərşə ucalan (dünyanın idarəçiliyini hakmiyyəti altına alan), müəyyən vaxta qədər hərəkət edən günəşi və ayı ram edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini izah edir ki, bəlkə Rəbbinizlə görüşə əminliklə inanasınız. Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. Gecəni gündüzün üzərinə örtür. Bunlarda fikirləşənlər üçün əlamətlər vardır. Yer üzündə bir-birinə yaxın müxtəlif hissələr, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz meyvə baxımından birini digərindən üstün edirik. Bunlarda ağıllarını işlədənlər üçün əlamətlər vardır. Əgər təəccüblənirsənsə, əsl təəccüblüsü: “Biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözüdür. Onlar Rəblərini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. ————————————————————————————– “Rəd” surəsinin ümumi məzmunu: Bu surənin əsas məqsədi Quranın haqq olduğunu, bu səmavi kitabın möcüzə, Peyğəmbərin (s) peyğəmbərliyinin nişanəsi olduğunu sübuta yetirməkdir. Müşriklər heç bir əsas olmadan onun Allahın dəlili və Peyğəmbərin (s) möcüzəsi olmadığını, peyğəmbərin uydurması olduğunu iddia edirdilər. Allah-taala əsas məqsədi sübuta yetirmək üçün bu surədə iki cəhətə daha çox üstünlük vermişdir: 1. Özünün  dünyadakı nişanələri; 2. Keçmiş xalqların həyatı və haqqı yalan hesab etdikləri üçün qarşılaşdıqları acı tale. Bütün yaradılış aləmi Allahın tək olduğunu göstərən nişanələr, keçmiş xalqların həyatı isə peyğəmbərlərin haqq olduğunu göstərən həqiqətlərdir. Quranda hər iki cəhətə xüsusi önəm verilir. Tövhid Quranın əsası və özülü, peyğəmbərlik isə zəruri şərtidir. Quranın yaradılış aləmi və bəşər tarixi olan bu səsləşməsi onun haqq olduğunu göstərən möhkəm dəlildir[1]. Göyün sütunları: Deyilənə görə, Hüseyn ibn Xalid adlı bir nəfər İmam Rzadan (ə): “Allah “Zariyat” surəsinin yeddinci ayəsində “yollara malik olan göyə and olsun”, – deyərkən nəyi nəzərdə tutmuşdur?”, – deyə soruşduqda İmam (ə) buyurmuşdur: “Bu göydən yerə doğru uzanmış yollar var”. Hüseyn ibn Xalid soruşmuşdur: “Allah göylər sütunsuzdur, deyə buyurduğu halda yerlə hansı yol əlaqəsi ola bilər ki?” İmam (ə) buyurmuşdur: “Allah pak və müqəddəsdir. Məgər Allah sizin görə biləcəyiniz sütunlarsız deyə buyurmayıbmı?” Hüseyn ibn Xalid: “Bəli”, – deyə cavab vermişdir. İmam belə davam etmişdir: “Deməli, sütunlar var, sadəcə siz onları görmürsünüz.” Bu hədis əsasında nəzər nöqtəsi olan ayənin Quranın nazil olduğu vaxt heç kəsə məlum olmayan bir həqiqətdən xəbər verdiyi məlum olur. Belə ki, həmin dövrdə elm dünyasına Ptolomey nəzəriyyəsi hakim idi. Adıçəkilən nəzəriyyəyə əsasən göylər soğanın qatları kimi kürələr şəklində bir-birinin üzərində yerləşmişdir. Heç biri sütunsuz və asılı deyil, hamısı bir-birinə söykənmiş vəziyyətdədir. Elm inkişaf etdikdən sonra göylərin soğan qabığına bənzər formada olması fikrinin tamamlə yanlış olduğu ortaya çıxdı. Əsl həqiqət isə budur ki, səma cisimləri, planetlər nəyəsə söykənməmiş, hər biri öz orbitində sabit və asılı vəziyyətdədir. Onları öz orbitlərində sabit saxlayan yeganə amil cazibə və dafiə qüvvəsinin balansıdır. Bu qüvvələrdən biri planetlərin kütləsi, digəri isə hərəkəti ilə bağlıdır. Cazibə və dafiə bu balansı görünməz bir sütun kimi səma cisimlərini, planetləri öz yerlərində qoruyub saxlayır[2]. Bitkilər haqqında iki mühüm nüans: 2-4-cü ayələrin əsas qayəsi Allahın kainatı tək idarə etdiyini çatdırmaqdır. Yəni Allah-taala kainatın yaradıcısı olmaqla yanaşı, onları idarə edir. Bütpərəstlər isə Allahı kainatın yaradıcısı, bütləri isə onların idarəedicisi hesab edirdilər[3]. Bu ayə mühüm nüansları ehtiva edir. Burada onların ikisinə ümumiləşdirilmiş və lakonik şəkildə işarə edəcəyik: 1. Yer üzü bir-birinin yanında yerləşmiş, özünəməxsus quruluşa, bitki göyərtmək potensalına malik müxtəlif hissələrdən təşkil olunmuşdur. Sanki hər bir hissə insanların ehtiyaclarını ödəmək üçün özlərinə məxsus olan ayrı-ayrı bitkiləri yetişdirmək üçün vəzifələndirlmişdir. 2. Ağac və bitkilər bəzən bir, bəzən ikibudaqlı olur. “Sinvan” ərəb dilində ağacın əsas gövdəsndən ayrılan budağa deyilir. Ümumiyyətlə, “sinvan” gövdədən ayrılan budaqlar mənasını daşıyır. Çox maraqlıdır ki, bu budaqların hər biri bəzən fərqli-fərqli meyvələr yetşdirir. Ola bilsin ki, bu ifadə ağacların peyvənd oluna biləcəyini göstərir. Bəzən bir gövdəyə bir neçə növ calaq edilir. Bu calaqların hər biri inkişaf edib fərqli-fərqli meyvələr yetişdirir[4]. Onlar yaxşılıqdan (rəhmətdən) öncə səndən pisliyə (əzaba) tələsməyini istəyirlər. Halbuki onlardan əvvəl ibrətamiz bəlalar nazil olmuşdur. Zülm etmələrinə baxmayaraq, Rəbbin insanlara qarşı mehriban və bağışlayandır. (Eyni halda) Rəbbin şiddətli əzab verəndir. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq qorxudansan. Hər qövmün bir yolgöstərəni vardır. Allah hər bir dişinin daşıdığı döldən, bətnlərin nəyi əskildib, nəyi artıracağından xəbərdardır. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır. Qeybi və aşkarı biləndir, böyükdür, ucadır. Onun üçün gizli danışanlarınız da, onu aşkara çıxaranlarınız da, gecə məxfi, gündüz açıq-aşkar gəzənləriniz də eynidir. Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyan mələklər vardır. Özlərində olanı dəyişmədikcə, Allah heç bir xalqın taleyini dəyişməz. Əgər Allah hər hansı bir camaata (etdiyi əməllərə görə) pislik etmək istəsə, heç nə onun qarşısını ala bilməz və Allahdan başqa heç bir himayəçiləri olmaz. Həm qorxmağınız, həm də ümid bəsləməyiniz üçün ildırımı sizə göstərən və ağır buludları var edən Odur. Göy gurultusu Ona həmd və tərif deyir. Mələklər də Onun qorxusundan (təriflər deyirlər). İldırımları göndərib istədiyini vurur. Halbuki onlar Allah barəsində mübahisə edirlər. O, sonsuz qüdrət sahibidir (şiddətli əzab verəndir). —————————————————————————————- Rəhmət və mərhəmət əvəzinə Allahın əzabını istəmək: Əslində, onlar Peyğəmbərə (s) istehza etmək niyyətilə belə deyirdilər. Kafirlər peyğəmbərlərin (ə) onları ilahi əzabla təhdid etdiklərini görüb belə istehzalara əl atır, əzabın gəlməsini istəyirdilər. Allah-taala onların bu istəyini sözügedən ayədə təəccüb formasında bəyan edir. Əvvəla, onlar keçmiş xalqların hansı ibrətamiz bəla və müsibətlərə düçar olduqlarından xəbərdar idilər; ikincisi, Allah insanlara qarşı mehriban və bağışlayandır. Onlar əzab deyil, mərhəmət və bağışlanma istəməli idilər[5]. Peyğəmbər şəriətin təsisçisi, imam isə onu qoruyandır: Qorxutmaq, qorxu gəlmək və təhdid etmək yolunu azmışların yola gətirilməsi və doğru yolu tapmaları üçündür. Yolgöstərən, hidayətçi isə insanların doğru yolda yürüməsi üçündür. Əslində, “qorxu gələn” yaradan, var edən, “yolgöstərən” isə qoruyan və irəli aparandır. Biz bu ikisini peyğəmbər və imam adlandırırıq. Peyğəmbər şəriətin əsasını qoyur, imam isə onu qoruyur. Peyğəmbərdən (s) nəql edilən çoxlu sayda hədis bu izahı təsdiq edir. İbn Abbasa istinad edilən bir hədisdə bu ayə nazil edilərkən Peyğəmbərin (s) əlini sinəsinə qoyaraq “mən qorxudanam” deməsi, sonra Əliyə (ə) işarə edərək “sən yolgöstərən və hidayətçisən. Məndən sonra hidayət olunmuşlar sənin vasitənlə hidayət olunacaqlar”, – deyə buyurması nəql edilmişdir[6]. Gözəgörünməz mühafizəçilər: Ayədən Allahın bir qrup mələyi gecə-gündüz növbələşərək insanları öndən və arxadan qorumaq üçün təyin etdiyi başa düşülür. Demək olar ki, hamımız çox vaxt möcüzəli bir qüvvənin bizi və ya yaxınlarımızı təhlükələrdən qoruduğunu hiss etmişik. Şübhəsiz ki, bunların təsadüf olmadığını qəbul edirik. İmam Baqir (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “Yəni Allahın qaçılmaz təqdiri yetişənə qədər onu quyuya düşməkdən, uçan divarın altında qalmaqdan və sair hadisələrdən qoruyurlar. Allahın qaçılmaz təqdiri yetişdikdə isə onu Allahın öhdəsinə buraxıb Ona həvalə edirlər. Bunlar insanı növbə ilə gecə-gündüz qoruyan dörd mələkdir”[7]. İnsanın fərdi və ictimai xoşbəxtliyindəki rolu: Quranın bu və bir çox ayəsində insanların yaxşı və pis əməllərinin onların həyatlarına birbaşa təsir göstərdiyi qeyd edilmişdr. İmam Səccad (ə) bu ayə haqqında belə buyurmuşdur: “Nemətləri dəyişən günahlar bunlardır: insanlara qarşı zülm və haqsızlıq etmək, yaxşı və bəyənilmiş adətlərin tərk edilməsi, nemətlərə qarşı nankorluq, şükür və təşəkkürün tərk edilməsi. Bu barədə Allah-taala “…Allah xalqı dəyişməz…”, – deyə buyurmuşdur.”[8] İmam Sadiq (ə) atasına istinadən belə buyurmuşdur: “Nemətin bəndəyə verilib, günah edib bəlaya səbəb olmayınca ondan alınmaması Allahın dəyişməz qanunudur.”[9] Bu ayədə İslamın əsas prinsiplərindən biri yer almışdır. Hər hansı cəmiyyətin qələbəsi, məğlubiyyəti, xoşbəxtlik və bədbəxtliyi həmin cəmiyyətin özüdür. Xarici amillər sonrakı yerləri tutur[10]. İldırımın tərif deməsi: Bu ifadə işarə edilən göy hadisəsinin sadə bir hadisə olmadığından xəbər verir. İldırım, əslində, Allahın elm və qüdrətindən xəbər verir. Çünki tərif Allahın bütün eyib və nöqsanlardan uzaq olmasını, həmd isə Allaha ibadəti ifadə edir. Bu cəhətdən ildırım Allahın gözəllik və əzəmət atributlarını ifadə edir. Bu ifadə sözlü deyil, sözsüz olsa da, malik olduğu vəziyyətlə bunu ehtiva edir. Məsələn, hər hansı bir ixtira ixtiraçının nə qədər savadlı və məlumatlı olmasından xəbər verir, onun təriflənməsinə, yaxşı xatırlanmasına səbəb olur. Bəzi təfsirçilər bu dünyanın bütün zərrələrinin özünəməxsus şüura malik olduğunu, şüurlu şəkildə, ağılla, dərk edərək tərif və həmd dediklərini qeyd edirlər. İldırımın da həmd və tərifini bu qəbldən olan təriflərdən hesab etmək olar[11].14. Həqiqi çağırış yalnız Ona məxsusdur. Allahdan qeyri çağırdıqları onların çağırışına cavab verməz. Onlar ağızlarına su çatsın deyə, ovuclarını suya tərəf açmış şəxsə bənzəyirlər. Ancaq əsla çatmayacaq. Kafirlərin duası azğınlıqda olmaqdan başqa bir şey deyildir. Göylərdə və yerdə olanların hamısı, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allahdır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə hami (və tanrı) seçirsiniz?” De: “Korla görən eynidirmi? Yaxud zülmətlə nur eynidirmi?” Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yarada bilən şəriklər tapdılar və bu yaratma onların gözündə bir-birinə bənzər göründü? De: “Hər şeyi yaradan Allahdır. O, təkdir, (hər şeyə) qalib gələndir”. Göydən su endirir, çay və dərələrin tutduğu qədər sellənib axır. Sel üzə çıxmış bir köpüyü götürüb aparır. Bəzək şeyləri və ya məişət əşyaları düzəltmək üçün (insanların) odda qızdırıb əritdikləri şeylərin üstündə də buna bənzər bir köpük olur. Allah haqqa və batilə belə misallar çəkir. Köpük kənara sıçrayıb yox olur, insanlara fayda verən şeylər yer üzündə qalıcı olur. Allah belə məsəllər çəkir. Rəblərinin dəvətini qəbul edənlər üçün gözəl mükafat vardır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olanların hamısı, üstəlik bir o qədəri də onların olsaydı, hamısını əzabdan xilas olmaq üçün verərdilər. (Lakin onlardan qəbul edilməzdi.) Onları çox pis bir hesab gözləyir. Yerləri Cəhənnəmdir. Nə pis yerdir! ——————————————————————————————- Haqqa çağırış: Dəvət və dua ərəbcə dua edənin çağırdığı şəxsin diqqətini özünə cəlb etməsinə deyilir. Həqiqi dua və çağırışın iki əsas şərti var: birincisi, çağırılan şəxs çağıranı eşitməli, ikincisi, cavab verməli və çağıranın istəyini yerinə yetirməlidir. Bu iki xüsusiyyət müşriklərin ibadət etdikləri bütlər, ulduzlar və sairəyə deyil, Allaha məxsusdur. Deməli, Allahı çağırmaq həqiqi dua və çağırış hesab edilir. Lakin Allahdan qeyrisini çağırmaq səhv və yanlışdır. Buna görə də Allah-taala gözəl bir misalla belə bir yanlış duanın həqiqi dua deyil, duanın təqlidi olduğunu başa salır. Belə ki, susuz bir adam sudan aralı dayanıb ovuclarını açır və ağzına yaxınlaşdırır, beləcə su içməyi təqlid edir. Aydındır ki, belə bir şəxsin susuzluğu yatmayacaq. Allahdan qeyrisini çağıran da eynilə belədir. Heç bir cavab eşitməyəcək, sadəcə, dua formasını yerinə yetirmiş olacaq[12]. Yaranmışların səcdəsi: Səcdə bu məqamlarda acizlik, təvazökarlıq və təslimin ən son həddi hesab edilir. Yəni bütün mələklər, insanlar, ağıl və şüur sahibləri Allaha möhtacdırlar, Onun fərmanına tabedirlər. Əlbəttə, bir qrupun səcdəsi və təvazökarlığı yalnız qeyri-ixtiyari səciyyə daşıyır. Onlar yaradılış aləminin qanunlarına tabedirlər. Məsələn, bütün yaradılmışların cisimləri, canları yaşamaq, ölmək, inkişaf etmək, boy atmaq, sağlam olmaq, xəstələnmək və sair kimi qanunlara tabedir. Yaradılış qanunları qarşısındakı bu təslim qeyri-ixtiyari səcdə hesab edilir. Yaradılmışların bəzisinin səcdəsi isə qeyr-ixtiyari olmaqla yanaşı ixtiyari səciyyə də daşıyır. Yəni biz öz iradəmizlə Allah qarşısında səcdə edirik[13]. Haqq və batilin çox möhtəşəm bir misalla təsvir edilməsi: Haqla batilin gözəl təsvirini ehtiva edən, eyni zamanda ədəbi cəhətdən yüksək şəkildə ifadə edilmiş bu mənalı misalda çox həqiqətlər gizlənmişdir. Burada üç nöqtəyə işarə edəcəyik: 1. “Sel üzə çıxmış bir köpüyü götürüb aparır.” Bilirik ki, saf suyun üzündə nadir hallarda köpük görmək olar. Çünki su yalnız xaricdən bulandığı zaman köpük yaranır. Deməli, buradan belə məlum olur ki, əgər haqq öz saflığı və təmizliyində qalsa, onun kənarlarında əsla köpüklər meydana gəlməz. Ancaq haqq çirkli mühitlə qarşılaşdıqda mühitin rəngini alarsa, həqiqət xurafatla, dürüstülk nadürüstlüklə, paklıq və təmizlik natəmizliklə qarışarsa, onun kənarlarında köpüklər meydana gələcək. İmam Əlinin (ə) bir kəlamı da bunu ifadə edir: “Əgər batil haqla qarışmasaydı, haqq onu axtaranlara gizli qalmazdı. Əgər haqq batillə örtülməsəydi, onun barəsində pis danışan düşmənlərin dili qısalardı.” 2. “Çay və dərələrin tutduğu qədər sellənib axır”. Bu cümlədən belə anlaşılır ki, ilahi nemətin mənbəyində heç bir paxıllıq, məhdudiyyət və qadağa yoxdur. Buludlar səmada heç bir maneəsiz hər tərəfə yağış yağdırır, ondan ayrı-ayrı yerlər, dərələr, çaylar öz tutduqları qədər faydalanır. Daha kiçik yer daha az istfadə edir, daha böyük yerin payı isə daha böyük olur. İnsanların qəlbi və ruhu da ilahi nemət qarşısında eynilə belədir. 3. “İnsanlara fayda verən yer üzündə qalıcı olur”. Köpük və su misalında köpük yoxa çıxıb təmiz və saf su, ərimiş dəmir və onun üzünün köpüyü misalında xalis dəmir qaldığı kimi, faydalı insanlar, qruplar, məktəblər və proqramların da yaşamaq haqqı vardır. Əgər batil bir insan və məktəbin qaldığını görürüksə, bu, ona qarışmış haqqa görədir[14]. Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən şəxs kora bənzəyə bilərmi? Təkcə ağıl sahibləri xatırlayar. Allaha verdikləri sözü yerinə yetirən və əhdi pozmayanlar, Allahın əmr etdiyi əlaqələri yaradanlar, Rəblərindən qorxan və haqq-hesabın pisliyindən çəkinənlər, Rəblərinin razılığını cəlb etmək üçün səbir edən, namaz qılan, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyən və pisliyi yaxşılıqla dəf edənlər. Axirət evinin gözəl aqibəti onlarındır. Daxil olacaqları Cənnət bağları onlarındır. Əməlisaleh ataları, zövcə­­ləri, övladları və mələklər bütün qapılardan onların yanına daxil olacaq (və onlara deyəcəklər:) “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət evinin sonu necə də gözəldir!” Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın əmr etdiyi əlaqə və bağlılıqları kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və axirət evinin pisliyi vardır. Allah istədiyinin ruzisini bol edər, istədiyinkini də azaldar. Ancaq onlar (kafirlər) dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə çox cüzi bir bir şeydir. Kafir olanlar deyirlər: “Nə üçün Rəbbi tərəfindən ona bir əlamət endirilməyib?” De: “Allah istədiyini sapdırır, qayıdanları isə Özünə doğru yola yönəldir”. Bunlar iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. ————————————————————————————— Allah tərəfindən yaradılması və qorunması əmr edilmiş əlaqələr: Bu cümlə geniş məzmun daşıyır. Burada Allahın əmr etdiyi istənilən növ əlaqə nəzərdə tutulur. Bunların ən məşhuru qohumluq əlaqəsidir. Allah-taala “Nisa” surəsinin birinci ayəsində təkidlə belə buyurmuşdur: “Qohumlarınızla olan əlaqənizi kəsməkdən çəkinin!” Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, bu cümlə ümumi məzmun daşıyır. Çoxlu sayda hədislərdə imamlarla olan əlaqələr bu bağlılığın ən mühüm nümunələrindən biri kimi bəyan edilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bu ayənin bir mənası qohumlarla əlaqədir. Ancaq onun ən yüksək nümunəsi bizimlə olan bağlılığınızdır.”[15] Qiyamətdə hesabatın pisliyi və çətinliyi: Təfsirçilər “hesabın pisliyi” ifadəsi ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri hesab edir ki, dəqiq və güzəştsiz hesab nəzərdə tutulur. Çünki hesabın pisliyi deyilərkən aləmlərin Rəbbinin zülm və haqsızlığa yol verəcəyini düşünmək düzgün deyil. İmam Sadiqin (ə) bir hədisi də bu mənanı təsdiq edir. Belə ki, İmam Sadiq (ə) bir səhabəsindən: “Nə üçün filankəs səndən şikayət edir?” – deyə soruşduqda o, belə cavab verir: Haqqımı ondan tam aldığım üçün şikayətlənir. İmam bu sözü eşitdikdən sonra əsəbi halda oturub deyir: “Haqqını sona qədər almısansa, pislik etmədiyini güman edirsən? Allahın “Qyamət gününün pis hesabından qorxarlar”, – deyə buyurduğunu eşitməmisənmi? Güman edirsən ki, ağıl sahibləri Allahın onlara zülm edəcəyindən qorxurlar? Xeyr. And olsun Allaha, onlar qorxurlar ki, Allah onların hesablarını diqqətlə, sona qədər yoxlayacaq. Allah bunun adını hesabın pisliyi qoyub. Buna görə də hesablaşmada diqqət və həddən artıq ciddlik göstərən şəxs pis hesablaşma aparmışdır.”[16] Pisliklərin yaxşılıqlarla dəf edilməsi: Yəni ağıllı insanlar pis bir iş gördükdə, günaha yol verdikdə onu yaxşı iş görməklə dəf edirlər. Bu pisliyin onlar və ya başqaları tərəfindən baş verməsinin fərqi yoxdur. Əgər özləri tərəfindən baş verərsə, tövbə edib bağışlanılmalarını diləyir, həmin pisliyin əvəzində yaxşı bir iş görürlər. Əgər başqaları onlara pislik və haqsızlıq edibsə, bağışlayıb əfv edir, alicənablıq göstərib pislikdən çəkindirirlər[17]. Hədislərdə hər iki vəziyyətə işarə edilmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Pis bir iş gördükdə ardınca yaxşı iş görməklə onu dəf et.” İmam Əli (ə) buyurmuşdur: “Qardaşını yaxşılıq etməklə tənbeh et, zərərini bəxşişlə qaytar.”[18] Qəlbin rahatlığı: Bu, dəqiqdir ki, insanın bu həyatdakı bütün səy və təlaşı xoşbəxtliyə nail olmaq üçün, bütün qorxusu isə bədbəxtlik və məhrumiyyətlə qarşılaşmaqdandır. İnsanlar bu yolda hər vasitəyə əl atır, bütün gücünü sərf edirlər. Dünyada olan bütün səbəblər, ümumiyyətlə dünyadakı hər şey nə qədər faydalı olsa da, fanidir, əbədi deyil. Var-dövlət, övlad, həyat yoldaşı və sairəni buna misal göstərə bilərik. Əslində, bunlardan heç birinə bağlanıb rahatlıq tapmaq olmaz. Lakin Allahı tanıyıb bütün xeyir və yaxşılıqların Ondan olduğuna, möminlərin himayəçisinin Allah olduğuna, onlara xoşbəxtlik nəsib edəcəyinə söz verdiyinə inanan şəxsin qəm-qüssəsi olmaz, qəlbi tam rahatlıq içində olar. Bu, inkaredilməz bir həqiqətdir. Qəlbində Allahdan qeyrisi ilə rahatlıq tapan və bu həqiqəti unudan şəxs bir anlığa hansı əbədi varlıqdan uzaqlaşdığını, hansı fani varlığa söykəndiyini xatırlayarsa, iztirab və narahatlıq bütün varlığını bürüyər[19]. İman gətirib yaxşı işlər görənlərin nəsibi ən yaxşı şeylər və ən yaxşı aqibətdir. Beləliklə, Biz səni özündən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir ümmətə göndərdik ki, onlar Rəhmanı inkar etdikləri halda, sənə vəhy etdiyimizi onlara oxuyasan. De: “O, mənim Rəbbimdir. Ondan başqa məbud yoxdur. Mən Ona təvəkkül etdim və qayıdışım Ona doğrudur”. Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də iman gətirməyəcəklər). Ancaq bütün işlər Allahın ixtiyarındadır. İman gətirənlər bilmirlərmi ki, əgər Allah istəsə, bütün insanları doğru yola yönəldər? (Sadəcə, məcburi hidayətin heç bir faydası yoxdur.) Allahın vədi yetişənə qədər etdikləri əməllərə görə kafir olanlara əzici müsibət üz verməkdə davam edəcək və ya onların evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz. Səndən əvvəlki elçilərə də istehza etmişdilər. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. Gördün əzabım necə idi? Hər kəsin başı üzərində dayanıb, hər kəsin əməllərini görən şəxs (bu xüsusiyyətlərin heç birinə malik olmayan kimidirmi)? Onlar Allaha şəriklər qoşdular. De: “Onların adlarını sadalayın! Yoxsa siz Ona yer üzündə bilmədiyi şeyləri, yaxud boş sözlərimi xəbər verirsiniz?” Kafirlərə öz yalanları gözəl göstərilmiş və onlar yoldan (Allah yolundan) çıxarılmışlar. Allahın azdırdığı şəxsin yol göstərəni olmaz. Onlar üçün dünyada əzab vardır. Axirət əzabı isə daha ağırdır. Heç kəs onları Allahdan qoruya bilməz. ————————————————————————————– İman və təqvaya əsaslanan həyat ən yaxşı həyatdır: Nemətlər həyatı ləzətli və dadlı etdikləri zaman dadlı və şirin olur. Həyatı dadlı etdikləri təqdirdə insan onlarla rahatlıq tapır. Əgər insan ən yaxşı nemətlərə sahib olarsa, lakin rahatlığı olmazsa, bu nemətlərin heç bir dadı və ləzzəti olmaz. Rahatlıq isə təkcə iman və təqva işığında əldə edilir. Davamlı olaraq Allahı xatırlayan insanın qarşılaşdığı heç bir şeydən qorxusu olmaz. Çünki o, hər şeyin ixtiyarının Allahın əlində olduğuna, baş verənlərin ilahi qəza-qədər olduğuna, olanların bəndənin xeyrinə olduğuna inanır. Əgər ona nə isə verilirsə, ya da nə isə əlindən alınırsa, deməli, xeyrinədir. Buna görə də bütün həyatı ləzzətli və yaşanmalı, sonu isə ən yaxşı sonluq olur. Allah-taala “Nəhl” surəsinin 97-ci ayəsində bu dadlı və zövqlü həyatı başqa bir şəkildə vəsf edərək buyurmuşdur: “Qadın və kişiliyindən asılı olmayaraq, yaxşı iş görən hər bir şəxsi mömin olacağı təqdirdə pak həyatla dirildərik və onların mükafatını etdikləri ən yaxşı əməllərə uyğun olaraq verərik.” Sonu gözəl və pak olan həyat müqabilində Allahdan üz çevirənlərin həyatını isə belə təsvir etmişdir: “Məni xatırlamaqdan imtina edən hər kəsin həyatı daralacaq və Qiyamət günü onu məhşərə kor gətirəcəyik.” (Taha surəsi, 124-cü ayə)[20]. İnadkar kafirlərdən ümidin kəsilməsi: Surənin bu və digər ayələrindən belə məlum olur ki, möminlər kafirlərin “nə üçün Rəbbindən ona Qurandan başqa bir möcüzə və əlamət nazil olmur?” cümləsini eşitdikdə Allahın Qurandan başqa bir möcüzə göndərəcəyi təqdirdə kafirlərin iman gətirəcəyinə ümidlənirlər. Buna görə də Peyğəmbərdən (s) onların bu istəklərinə müsbət cavab verməsini istəyirlər. Ancaq Allah-taala bu ayədə möminlərə belə buyurur: “Əgər Quran vasitəsilə dağlar hərəkətə gəlsə və ya yer parça-parça olsa, yaxud da onun vasitəsilə ölülər danışsa, (yenə də kafirlər inadkarlıqları və küfrləri ucbatından iman gətirməyəcəklər).” Bununla da möminləri onların iman gətirəcəyindən tamamilə ümidsiz edir[21]. Məkkə və onun ətrafında yaşayan kafirlərə əzici bəlalar nazil olması: Bu ayədə Allah kafirləri qəti şəkildə təhdid edir və onlara əzabın son həddi nazil olana qədər əlamətləri biri digərinin ardınca aşkara çıxan əzab vədi verir. Əllamə Təbatəbai bu ayəni təfsir edərkən belə yazır: “Kafir” deyilərkən burada İslamın ilk dövründə İslamı və Peyğəmbəri (s) inkar etməkdə, ona qarşı düşmənçilikdə, fitnə-fəsad törətməkdə əllərindən gələni əsirgməyən məkkəli və qeyri-məkkəli olan bütün kafirlər nəzərdə tutulur. Daha sonra Allah onları iki qrupa bölür: Birinci qrup əzici bəlalara düçar olmuşlardır. Onlar müharibələr, qətllər və qarətlər nəticəsində tamamilə pis vəziyyətə düşmüş Məkkə ətrafı ərazilərin müşrikləridir. İkinci qrup isə bəla və müsibətlərin onların yaşadıqları yerin yaxınlığına qədər gəlib çıxmış şəxslərdir. Onlar Məkkənin özündə yaşayan kafirlərdir. Şəhərin ətrafında baş verən hadisələrin tüstüsü onlara qədər gəlib çatır, onların qorxusu, dəhşəti, qəm-qüssəsi şəhər əhalisinin yuxusunu ərşə çəkir, iştahlarını əlindən alır. Allahın son vədi isə Bədr və digər müharibələrdə qılınclar vasitəsilə kafirlərin axırına çıxan əzabdır[22]. Müttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir: ağacları altından çaylar axır, meyvəsi də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə oddur. Səmavi kitab verdiyimiz kəslər sənə nazil edilənə görə şaddırlar. Firqələrin bəzisi onun bir qismini inkar edirlər. De: “Mənə Allaha ibadət etmək və Ona şərik qoşmamaq əmr edilmişdir. Mən yalnız Ona doğru çağırıram və qayıdışım da yalnız Onadır!” Beləliklə, biz onu (Quranı) sənə açıq-aydın bir əmr olaraq nazil etdik. Əgər sənə elm gəldikdən sonra onların istəklərinə tabe olsan, səni Allah qarşısında nə bir himayə edən, nə də bir qoruyan olar. Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir möcüzə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var. Allah istədiyini pozar, istədiyini sabit saxlayar. Ana kitab (lövhi-məhfuz) Onun yanındadır. Biz onlara vəd etdiyimiz əzabın bir qismini sənə göstərsək və ya (ondan öncə) səni öldürsək (bil ki), sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Onlardan haqq-hesab soruşmaq Bizə aiddir. Məgər Bizim, yer üzünə gəlib onu ətraflarından azaltdığımızı görmürlərmi? (Cəmiyyətlər, mədəniyyətlər, alimlər tədricən yox olur.) Allah hökm verir. Onun hökmünün qarşını heç kəs ala və ya inkar edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. Onlardan əvvəl də planlar quranlar oldu. Ancaq bütün planlar Allaha məxsusdur. O, hər kəsin nə etdiyindən xəbərdardır. Tezliklə kafirlər axirətdə gözəl aqibətin kimin olacağını biləcəklər. —————————————————————————————- Peyğəmbərlik missiyasının elan edildiyi illərdə kitab əhlinin İslama qarşı müsbət mövqeyi: Kitab əhli deyilərkən yəhudilər, xristanlar və atəşpərəstlər nəzərdə tutulur. Tarixi mənbələr göstərir ki, yəhudilər peyğəmbərlik missiyasının elan edildiyi və habelə ondan əvvəlki illərdə peyğəmbərə qarşı düşmən münasibəti bəsləmirdilər. Yəhudilərin əsas düşmənçiliyi və inadkarlığı Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra yarandı. Hətta hicrətin ilk illərində onların bir qrupu iman gətirmiş və Peyğəmbərin (s) peyğəmbərliyini qəbul etmişdir. Elə həmin dövrlərdə xristianlardan bir qrupu da haqq dini qəbul etmiş, İslama qarşı çıxmamışdır. Buna Həbəşistan xristianlarını misal göstərə bilərik. Həbəşistanlıların çoxu İslamı qəbul etmişdi. Atəşpərəstlər də həmin dövrlərdə haqq və ədaləti yayacaq bir xilaskarı gözləyirdilər. Onlar müşriklər kimi haqqa qarşı inadkar mövqedə deyildilər. Ayənin daha çox nəzər nöqtəsində olan qrup ikinci qrup, yəni doğru yolu axtaran Nəcaşi və tərəfdarları kimi xristianlardır[23]. Firqələr və qruplar: Burada batil inancları ilə uyğunluq təşkil etməyən ayələri qəbul etməyən kitab əhli nəzərdə tutulur. Buna Allahın tək olduğunu bəyan edən, üçlüyü və kitab əhlinin digər təhrif edilmiş inanclarını və hökmlərini inkar edən ayələri misal göstərmək olar[24]. “Ana kitab” nə deməkdir? Bu ayə hədislərdə də işarə edilmiş ümumi bir qanunu bəyan edir. Dünyada baş verən hadisələr iki mərhələ ilə səciyyələnir: birincisi, heç bir dəyişikliyə məruz qalmayan və ayədə “ana kitab” ifadəsi ilə təqdim edilmiş qəti mərhələdir. İkincisi, dəyişikliyə məruz qalan qeyri-qəti və şərtli mərhələdir. Buna “məhv və sübut” mərhələsi də deyilir. Bəzən bu iki mərhələni “Lövhi-məhfuz” və “Lövhi-məhv və isbat” da adlandırırlar. Bu iki lövhdən birində yazılmışlar əsla dəyişilmir, dəyişməz qalır. Lakin digər lövhədə bir şey yazıla və sonra pozula, pozulanın yerinə başqası yazıla bilər. Bu isə bəzən hadisələrə onların natamam səbəblər aspektindən baxmağmızla bağlıdır. Məsələn, öldürücü bir zəhəri nəzərdə tutub “kim ondan içsə, ölər” deyirik, lakin həmin zəhərin təsirini aradan aparacaq dərmanı yaddan çıxarırıq. Belə ki, zəhərə qarşı olan dərman vaxtında içilərsə, zəhərin təsirini tamamilə məhv edər. Bu misalda zəhər vasitəsilə ölmək qəti səciyyə daşımır. Bu hadisənin yeri “Lövhi-məhv və isbat”dır. Yəni digər hadisələrə əsasən dəyişə biləndir. Lakin hadisəni tam səbəbləri ilə birlikdə, şərtlərin hamısının toplanması və bütün maneələrin aradan qalxması kontekstində nəzərdə tutarıqsa, artıq hadisə qəti səciyyə daşımış olur və yeri “Lövhi-məhfuz”dur. Bu izahla sözügedən mövzu ilə bağlı yaranacaq suallara cavab verilmiş olur. Quranın bəzi ayələri və hədislərdə filan işin filan şeyə səbəb olacağını oxuyuruq. Ancaq bəzən bu nəticələrin şahidi olmuruq. Bu, ona görədir ki, həmin nəticənin gerçəkləşməsi şərtlərdən asılıdır. Ya həmin şərtlər tam təmin olunmayıb, ya da hər hansı maneə şərtlərin tamlaşmasına imkan verməmişdir. Lövhi-məhfuz, Lövhi-məhv və isbat, peyğəmbər və imamların elmlərindən bəhs edən bir çox hədislərə yuxarıdakı izah əsasında tam aydınlıq gəlir. Möminlərin əmiri İmam Əli (ə) bir gün Allah rəsulundan (s) bu ayə haqqında soruşduqda Peyğəmbər (s) buyurur: “Mən bu ayəni təfsir etməklə özümdən sonra sənin və ümmətin gözünü işıqlandırıram. Ehtiyaclılara düzgün şəkildə yardım göstərmək, ata-anaya yaxşılıq etmək, hər bir xeyirli işi yerinə yetirmək bədbəxtliyi xoşbəxtliyə çevirir, ömrü uzadır, təhlükələrin qarşısını alır.” Bu hədisdən xoşbəxtlik və bədbəxtliyin qaçılmaz br hadisə olduğu anlaşılır. Hətta bir nəfər ən bədbəxt insanların sırasında yer almasına baxmayaraq, davranışlarını dəyişməklə, yaxşılıqlara üz tutmaqla, xüsusilə Allahın bəndələrinə yardım və xidmət göstərməklə öz taleyini dəyişə bilər. Çünki bu işlərin yeri Lövhi-məhfuz deyil, Lövhi-məhv və isbatdır. Əlbəttə, bu hədis ayənin ehtiva etdiyi cəhətlərdən birini bəyan etmək üçün qeyd edilmişdir[25]. Kafirlər deyirlər: “Sən peyğəmbər deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və kitabı bilən şəxsin şahid olması yetər”.   [1] Əl-Mizan, c.11, səh.285 [2] Nümunə, c.10, səh.110 [3] Əl-Mizan, c.11, səh.296 [4] Nümunə, c.10, səh.116 [5] Əl-Mizan, c.11, səh.303 [6] Nümunə, c.10, səh.130 [7] Nümunə, c.10, səh.142 [8] Əl-Mizan, c.11, səh.333 [9] Təfsiri-mövzui, c.5, səh.66 [10] Nümunə, c.10, səh.145 [11] Pəyame-Quran, c.2, səh.262 [12] Əl-Mizan, c.11, səh.319 [13] Nümunə, c.10, səh.156 [14] Nümunə, c.10, səh.167 [15] Əl-Mizan, c.11, səh.345 [16] Nümunə, c.10, səh.178 [17] Əl-Mizan, c.11, səh.347 [18] Nümunə, c.10, səh.191 [19] Əl-Mizan, c.11, səh.358 [20] Əl-Mizan, c.11, səh.359 [21] Əl-Mizan, c.11, səh.364 [22] Əl-Mizan, c.11, səh.364 [23] Əl-Mizan, c.11, səh.374 [24] Əl-Mizan, c.11, səh.374 [25] Nümunə, c.10, səh.241

QURANI KƏRIM 25.12.2024

“Yusuf” surəsi

“Yusuf” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. Bunlar açıq-aydın kitabın (Quranın) ayələridir! Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, bəlkə dərk edəsiniz. Biz bu Quran vasitəsilə sənə ən gözəl qissələri danışırıq. Şübhəsiz ki, sən bundan əvvəl ondan xəbərsiz idin. (Xatırla) bir zaman Yusif atasına dedi: “Atacan! Mən yuxuda on bir ulduz, Günəş və Ayın mənə səcdə etdiyini gördüm. ————————————————————————————– İlahi hidayət insan yaranışının məqsədidir: Quranda iki növ ixtilafdan söz açılmışdır. Bu ixtilaflardan biri insanların özlərindən asılı olmadan mövcud olur. Sözügedən ixtilaf fərdlərin fiziki və mənəvi fərqlilyindən qaynaqlanır, ayrı-ayrı mühitlərdə daha qabarıq şəkildə meydana çıxır, müxtəlif sosial və fərdi davranışların, adət-ənənələrin, mədəniyyətlərin meydana gəlməsinə səbəb olur. Sosial münasibətlər kontekstində aparılmış araşdırmalar sübuta yetirir ki, bu növ fərqlilik olmasaydı, insan cəmiyyətinin həyatı bir an olsun belə davam etməzdi. Fərqlilik ehtiyaclarını ödəmək və çatışmazlıqlarını aradan qaldırmaq üçün insanların bir-birinə müraciət etməsinə, bu da öz növbəsində onların bir-birini tamamlamasına səbəb olur. Quranın haqqında danışdığı, eyni zamanda məzəmmət etdiyi ikinci növ ixtilaf insanların nəfsani istəklərindən qaynaqlanan dini ixtilafdır. Belə ki, tövhid və təkallahlıq inancı insanın fitri inancıdır. İnsanın yanlış yolda irəliləməsi nəfsani istəyinə tabe olması və ağlına qarşı çıxması nətcəsində baş verir. Nəzər nöqtəsi olan ayədə birinci deyil, ikinci növ ixtilafa işarə edilmişdir. Çünki birinci növ ixtilaf və fərqlilik qurucu, ikinci növ ixtilaf isə təfriqə, parçalanma, haqq yoldan sapma, əbədi bədbəxtlik və çarəsizlik səbəbidir. Allah-taala sonrakı ayədə yalnız bir qrupun, Allahın mərhəmət göstərdiyi şəxslərin bu ixtilafdan istisna edildiyini buyurmuşdur. Əllamə Təbatəbai yazır ki, insan yaranışının məqsədi olan bu xüsusi mərhəmət haqq yola yönəlməkdir. Yalnız ağıllarına və peyğəmbərlərin göstərişlərinə tabe olmaqla ilahi hidayətə nail olmuş şəxslər dini ixtilafdan uzaqdırlar. İlahi hidayət onları əbədi xoşbəxtliyə qovuşduracaq. Nəfslərinə tabe olduqları, zülm və haqsızlığa yol verdikləri üçün bu hidayətdən uzaq düşmüş insanların aqibəti yalnız od olacaq. Cəhənnəm onlarla dolacaq. İmam Baqir (ə) buyurmuşdur: “İlahi rəhmət və hidayət nəsib olmuş şəxslər Mühəmmədin (s) nəsli və onların ardıcıllarıdır.”[1] Təbii ki, bu hədisdə ayənin ən parlaq nümunəsinə işarə edilmişdir. Çünki bu ayənin məzmunu bütün peyğəmbərləri və onların davamçılarını əhatə edir. “Yusuf” surəsinin ümumi məzmunu: Bu surədə imanını Allah üçün xalis etmiş, ruhunu Allah məhəbbəti ilə doldurmuş, bütün dqqətini yalnız Allaha yönəldən bəndəni Allahın Öz himayəsinə götürüb ən yaxşı şəkildə böyüdüb boya-başa çatdırmasından, tərbiyə etməsindən, Özünə yaxınlaşdırıb məhəbbət camı ilə sirab etməsindən, Özü üçün pak və təmiz etməsindən, məhvinə hədəflənmiş bütün zahiri səbəbləri ilahi həyatı qarşısında puç etməsindən, həyatın xaredici hadisələrindən xilas edib izzət və şərəf verməsindən bəhs edilir. Allah-taala bu deyilənləri peyğəmbərlərindən olan Yusifin (ə) həyat hekayəsi fonunda bəyan edir. Elə buna görə də onu hekayələrin ən yaxşısı kimi təqdim edir[2]. Yuxuda müjdə: Allah Yusifin (ə) hekayəsini Yusifin şahlığı, ata-anası və on bir qardaşının onun qarşısında təzim etməsinə işarə edən maraqlı bir yuxunun təsviri ilə başlamışdır. Əslində, bu yuxu həzrət Yusifə (ə) bir müjdə idi. Allah-taala bu vasitə ilə ona xüsusi diqqətinin olduğunu və onu Öz himayəsinə götürəcəyini başa salmışdır. Buna görə gələcəkdə qarşılaşacağı acı və çətinliklər Yusifə (ə) asan gəlmişdir. Çünki onu çox şirin bir sonluğun gözlədiyini bilirdi[3]. O dedi: “Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Çünki Şeytan insanın aşkar düşmənidir Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yaqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin biləndir, hikmət sahibidir”. Yusif və qardaşlarının (hekayəsində) soru­­şanlar üçün əlamətlər (hidayət əlamətləri) vardır. Bir zaman (qardaşları) dedilər: “Biz güclü bir dəstə olmağımıza baxmayaraq, Yusif və qardaşı (Benyamin) atamıza bizdən daha sevimlidir. Şübhəsiz, atamız aşkar bir yanlışlıq içindədir. Yusifi ya öldürün, ya da uzaq bir yerə atın ki, atanızın dqqəti yalnız sizə yönəlsin. Bundan sonra (günahınızdan tövbə edib) əməlisalehlərdən olarsınız”. Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!” (Bu planlarını həyata keçirmək üçün qardaşlar atalarının yanına gəlib) dedilər: “Atacan! Nə üçün Yusifi bizə etibar etmirsən? Halbuki biz onun xeyrini istəyirik. Sabah onu bizimlə göndər, yemək yeyib əylənsin. Biz onu qoruyarıq!” O dedi: “Onu aparmağınız məni kədərləndirər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!””. Onlar dedilər: “Biz güclü bir dəstə olduğumuz halda, canavar onu yesə, biz ziyana uğrayanlardan olarıq”. —————————————————————————————- Sirlərin qorunmasının əhəmiyyəti: İnsan həyatında elə sirlər olur ki, üstü açılarsa, sirr sahibinin və ya cəmiyyətin həyatı təhlükəyə məruz qala bilər. Bu sirlərin qorunmasında təmkinli olmaq iradənin möhkəmliyi və ruh genişliyinin əlamətlərindən biri hesab edilir. İnsanın həyatı boyu qarşılaşdığı bir çox problemlərin kökündə sirləri saxlaya bilməməsi dayanır. İmam Rza (ə) hədislərinin birində belə buyurmuşdur: “Mömin üç xüsusiyyətə malik olmasa, mömin olmaz: onun biri Rəbbinə, biri Peyğəmbərinə, biri də imamına aid xüsusiyyətlərdəndir. Sirr saxlamaq Rəbbinə, insanlarla yaxşı davranmaq Peyğəmbərə, çətinlik və problemlər qarşısında dözümlü olmaq imama xas olan xüsusiyyətdir.” İmam Sadiqə (ə) aid edlən hədislərin birində oxuyuruq: “Sənin sirlərin sənin qanın kimidir, gərək təkcə öz damarlarında cərəyan etsin.”[4] İlahi bəxşişlər nə zaman nemət olur: Qurana görə sərvət, həyat yoldaşı, övlad və bu kimi maddi bəxşişlər Allaha bəndəlik və əbədi xoşbəxtliyə nail olmaq yolunda vasitəyə çevrilərsə, nemət olur, yox əgər bu imkanlardan Şeytan və günah yolunda istfadə edilərsə, ilahi əzab səbəbi olur. Ayədə “neməti tamamlamaq” deyilərkən həm bütün maddi və mənəvi nemətlərin Allaha itaət və Ona bəndəlik yolunda istifadəsi, həm də xoşbəxtliyə çatmaq üçün onların qüsursuz və tam olması nəzərdə tutulur. Nemətlər deyilərkən isə dünya nemətlərinin bolluğu deyil, Allahın insana onu həqiqi xoşbəxtliyə nail edəcək qədər maddi və mənəvi nemət bəxş etməsi nəzərdə tutulur[5]. Yusif və qardaşı atamıza bizdən daha əzizdir: Yaqubun bu iki uşağı daha çox sevməsinə nə səbəb olmuşdu? Bu sevgi iki səbəbdən ola bilər: 1. Fitri və təbii səbəb. Hər bir insan kiçik uşağını daha çox istəyir, zəif və gücsüz olduğu üçün ona daha çox diqqət ayırır, böyüklərdən daha çox əzizləyir. 2. Yaqub (ə) Yusifin (ə) üzündən onun əzəmətli olduğunu hiss edir, çox böyük və parlaq gələcəyə malik olduğunu görürdü[6]. Paxıllığın insanı hansı vəziyyətə salması, hətta onu qardaş canına qıyacaq və ya onun gələcəyini çətinliklər qarşısında qoyacaq həddə çatdırması, qarşısı alınmayacağı təqdirdə bu daxili odun həm insanların özlərinin, həm də bir-birinin həyatına təhlükə yaradacaq qədər irəliləməsi bu hekayədən öyrəndiyimiz mühüm dərslərdəndir. İslam peyğəmbərinin (s) hədsilərinin birində belə buyurulmuşdur: “Allah İmran oğlu Musaya (ə) paxıllığı qadağan edərək buyurdu: “Paxıl adam bəndələrimə verdiyim nemətlərə görə qəzəblənir, bəndələrimə təyin etdiyim qismətlərə mane olur. Hər kəs belə etsə, nə Mən ondanam, nə də o Məndən.” İmam Sadiq (ə) buyurmuşdur: “Dinin üç bəlası var: paxıllıq, özünü bəyənmək, özünü öymək”[7]. Özünü aldatmaq: Çox vaxt insan günah edərkən vicdanının etirazı ilə qarşılaşır və ya dini inancları onun qarşısında sədd çəkir, günaha doğru hərəkət etməsinə mane olur. Günah etmək istəyən insan bu səddi asanlıqla keçmək, günah yolunu açmaq üçün vicdanını və inancını “günahı etdikdən dərhal sonra tövbə edərsən” sözü ilə aldadır. Yəni günah etmək üçün bir Şeytan planı cızanda bir Şeytan planı da vicdanını aldatmaq üçün cızır. Bu plan çox vaxt da təsirli olur və insanın qarşısında dayanan möhkəm səddi aradan qaldırır. Yusifin (ə) qardaşları da eyni vasitəyə əl atdılar və özlərini təhlükəli cinayət törətməyə hazır etdilər[8]. Onu özləri ilə aparıb quyuya atmaq qərarına gəldikdə Biz ona belə vəhy etdik: “Sən gələcəkdə onlara gözləmədikləri bir halda bu davranışları barəsində xəbər verəcəksən”. (Yusifin qardaşları) axşam ağlaya-ağlaya atalarının yanına gəlib dedilər: “Ey atamız! Biz Yusifi əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Qurd onu yedi. Hərçənd, biz doğru danışsaq da, sən bizim sözümüzə inanmayacaqsan”. Onun köynəyinə yalançı qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: “Sizə bu işi nəfsiniz gözəl göstərmişdir. Mən gözəl səbir sahibi olacağam. Söylədiklərinizin müqabilində Allahdan kömək diləyirəm”. Bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, qabını quyuya salladı və (qəfildən): “Şad xəbər! Bu (gözəl və sevimli) bir oğlan uşağıdır!”– deyə səsləndi. Bunu qənimət kimi başqalarından gizlətdilər. Allah isə onların nə etdiklərini bilirdi. Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar. Onların ona (onu satmağa) meyilləri yox idi. (Çünki sirlərinin aşkara çıxacağından qorxurdular.) Onu alan misirli (Misir şahının vəziri) öz arvadına: “Ona yaxşı bax. Ola bilsin ki, bizə faydası dəysin, ya da onu oğulluğa götürək”– dedi. Beləliklə, Yusifi həmin məmləkətdə məskunlaşdırdıq və ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir. Lakin insanların çoxu (bunu) bilmir. Yetkinlik çağına çatdıqda Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Yaxşı iş görənləri belə mükafatlandırırıq. —————————————————————————————– Qardaşlarının hiyləsi, Yusifin yüksəlişi: Azyaşlı Yusif (hədislərə görə ən çoxu yeddi yaş var idi) quyuda yorğun və qəmgin halda düşüb qaldığı vaxt Allah-taala vəhy mələyini göndərib buyurur: “Qardaşların səni yox etmək məqsədilə quyuya atsalar da, bununla sənin yüksəlişinin başlandığından xəbərsizdirlər. Allah sənə izzət bəxş edib qüdrət taxtına çıxaracaq. Onlar sənin qarşında bağışlanma və mərhəmət diləyəcəklər. Sən isə onlara etdikləri zülm və haqsızlıqdan xəbər verəcəksən.” Bu surənin 88-90-cı ayələrində bu hadsəyə işarə edilmişdir[9]. Yalançı qan: Qardaşları atalarını inandırmaq üçün Yusifin köynəyini quzu qanına bulayıb ona aparırlar. Quranda bu qan Yusifə aid olmadığı üçün yalançı qan adlandırılmışdır. Qardaşları Yusifi quyuya atdıqdan sonra köynəyini quzu qanına bulaşdırırlar. Onların köynəyi atalarına sağ-salamat aparması qanın yalançı olmasından xəbər verirdi. Halbuki əgər Yusifi canavar yemiş olsaydı, köynək tikə-tikə olmalı idi. Elə burda deyiblər ki, yalan ayaq tutar, ancaq yeriməz, sonda yalançı rüsvay olar. Varlıq aləminə dəyişməz həqiqət hakimdir. Yalançı öz yalanı ilə həqiqətin üstünü örtsə də, onun xəbərsiz olduğu saysız-hesabsız əlamətlərinin hamısının üstünü örtə bilməz. Qardaşları Yusifin həyatının üstünə pərdə çəkdilər, onun qurda yem olduğunu dedilər, lakin onun yaşadığından xəbər verən salamat qalmış köynəyin üzərinə pərdə çəkə bilmədilər. Belə ki, “Zumər” surəsinin 3-cü ayəsində belə buyurulmuşdur: “Allah yalançını və küfr edəni haqq yola yönəltməz.”[10] Ən çirkin cinayətlərin gözəl göründüyü məqam: “Sizə bu işi nəfsiniz gözəl göstərmişdir” cümləsində Allah başa salmaq istəyir ki, əgər üsyankar istəklər insanın ruhuna və fikrinə hakim kəsilərsə, qardaş öldürmək və ya sürgün etmək kimi çirkin cinayəti gözündə elə gözəl göstərər ki, həmin cinayəti müqəddəs və zəruri bir iş hesab edər. Bu, insanın psixoloji vəziyyətindən irəli gəlir. Belə ki, nəyəsə qarşı ifrat sevgi xüsusilə əxlaqdan kənar davranışlarla müşayiət edildikdə insanın qiymətləndirmə və münsiflik hissinə mane olur, həqiqətlərin fərqli görünməsinə səbəb olur[11]. Misirin əzizi: Yusifi alan adam Misirin əzizi idi. Həmin dövrdə “əziz” Misir şahının vəzirinə və ya baş vəzirinə deyilirdi[12]. Yuxu yozumunu bilməyin Misir əzizinin sarayına gəlməklə əlaqəsi: Belə bir sual yarana bilər ki, yuxu yozumunu bilməyin Yusifin Misir əzizinin sarayına gəlməsilə nə əlaqəsi var idi? Bir nüansa diqqət yetirməklə bu suala cavab vermək olar. Belə ki, günahlardan qorunması və üsyankar istəklərlə mübarizə aparması qarşılığında Allah insana bir sıra mənəvi və elmi nemətlər bəxş edir. Başqa sözlə desək, bu nemətlər qəlb işığının səmərəsidir, Allahın bu cür şəxslərə bəxş etdiyi mükafatdır. Ola bilsin ki, Yusifə (ə) yuxu yozumunu bilmək istedadı Misir əzizinin həyat yoldaşının qeyri-adi gözəlliyi qarşısında öz nəfsinə hakim kəsildiyi üçün verilmişdir[13]. Hökm və elm yaxşı işlər görən insanların mükafatıdır: Allah heç bir səbəb olmadan heç kəsə heç nə vermir. Buna görə də Allahın hökm və elm verdiyi şəxslərlə cahil və səhvə yol verən insanlar bir deyil. Elə bu səbəbdən də Allah-taala bu cümlədə hökm və elmin Yusfin (ə) yaxşı əməlinin mükafatı olduğunu buyurmuşdur. Bu ayəyə əsasən deyə bilərik ki, Allah-taala hər kəsə gördüyü yaxşı işmiqdarında hökm və elm bəxş edir. Belə ki, “Hədid” surəsinin 28-ci ayəsində belə buyurmuşdur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun peyğəmbərinə iman gətirin ki, sizə Öz mərhəmətindən iki pay versin, sizə (insanlar arasında və həyat yolunuzda) getməyiniz üçün nur bəxş etsin…”[14] Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: “(Sənin üçün hazır olana doğru) gəl!”– dedi. O isə: “Allaha sığınıram! Axı o, (Misirin əzizi) mənim çörək verənimdir, məni əzizləmişdir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”– dedi. Qadın ona meyl etdi. Əgər Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Belə etdik ki, pisliyi və çirkin əməli ondan uzaqlaşdıraq. Çünki o, Bizim ixlaslı qullarımızdandır. Hər ikisi qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. Bu vaxt qapının yanında qadının əri ilə rastlaşdılar. (Qadın) dedi: “Sənin ailənə xəyanət etmək istəyənin cəzası zindana salınmaqdan və ya ağrılı-acılı əzabdan başqa nə ola bilər?!” (Yusif) dedi: “O məndən kam almaq istədi”. Bu vaxt qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: “Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır. Yox əgər köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”. (Msirin əzizi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu, siz qadınların hiylələrindəndir. Həqiqətən də, sizin məkr və hiyləniz çox böyükdür. Yusuf, sən bu məsələni yaddan çıxart! Sən də ey qadın, günahına görə bağışlanma dilə. Çünki sən səhvə yol verənlərdən olmusan”. Şəhərin bir qrup qadını dedi: “Əzizin arvadı cavan köləsindən kam almaq istəyir. Bu gəncin eşqi onun qəlbinin dərinliklərinə nüfuz edb. Biz onu aşkar bir azğınlıq içində görürük”. —————————————————————————————- Ayədə işlənmiş “rəbb” sözünün mənası: Təfsirçilərin çoxu hesab edir ki, ayədəki “rəbb” sözü daha geniş məzmunda malik, ixtiyar sahibi, nemət sahibi mənalarını ifadə edir. Burada “rəbb” deyilərkən Misirin əzizi nəzərdə tutulur. Belə ki, eyni surənin 42 və 50-ci ayələrində də “rəbb” sözü Allahdan qeyrisinə aid edilmişdir[15]. Bəzi təfsirçilər “rəbb” deyilərkən burada Allaha işarə edildiyini iddia etmişlər. Çünki başqaları Yusifi Misir əzizinin qulu hesab etsələr də, Yusif özünü heç kəsin, o cümlədən Misir əzizinin deyil, yalnız aləmlərin Rəbbinin qulu və bəndəsi hesab edirdi. Onun üçün Rəbbi yalnız Allah idi. Nəticədə, ayənin mənası belə olur: Mən Allaha sığınıram. O Allaha ki, mənim Rəbbimdir, məni əzizləyir, hər nəyim varsa, Ondandır[16]. Allahın dəlili: Allahın dəlilinin nə olması ilə bağlı müxtəlif fikirlər irəli sürülmüşdür. Ancaq onlar arasında daha ağlabatını günahın, çirkin həqiqətinin, dünya və axirət həyatındakı qorxulu nəticələrinin təcəssüm etməsi fikridir. Bu təcəssüm peyğəmbərlik və ismət işığında, Allahın gözəgörünməz qayğısı sayəsində baş verir. Belə bir həqiqəti görməsi üfüqü Yusifin gözündə elə işıqlandırdı ki, qəlbində kiçicik şübhə və tərəddüdə belə yer qalmadı. Başqa sözlə desək, əqli dəlil və sübutlar üfüqü insanın gözündə işıqlandırdığı, iradəsini möhkəmləndirib qətiyyətini artırdığı kimi, peyğəmbərlik, ismət, ilahi lütf və qayığının şərtlərindən olan əməllərin həqiqətini görmək istedadı da insana aydınlıq və qətiyyət bəxş edir, nəticədə, günah fikrini kökündən qurudur[17]. Yusifin günahsızlığının şahidi: Əhl-beyt imamlarının (ə) hədislərində bu şahidin Misir əzizinin həyat yoldaşının yaxınlarından olan bir nəfərin südəmər körpəsi olduğu qeyd edilmişdir. Körpə Allahın istəyi ilə möcüzəli şəkildə beşikdə dilə gəlmiş, həqiqəti aşkar etmiş və həzrət Yusifin (ə) günahsız olduğunu sübuta yetirmişdir. İmam Səccadın (ə) bir hədisində də bu məsələyə işarə edilmişdir[18]. Qadınların məkr və hiyləsi: Bu ayədə qadınların, əlbəttə, Misirin əzizinin zövcəsi kimi, qadınların ehtirasına tabe olan və çərçivə qəbul etməyən məkr və hiyləsinə işarə edilmiş, onların hiylə və kələyinin çox böyük olduğu vurğulanmışdır. Tarix səhifələrində bu fikri təsdiq edəcək hadisələrə çox rast gəlmək olar. Bu hadisələr göstərir ki, ehtirasının quluna çevrilmiş qadınların öz məqsədlərinə çatmaq üçün düşündükləri planların misli yoxdur. Yusifin (ə) hekayəsində də Misir əzizinin zövcəsinin Yusifi xəyanətdə ittiham etməsi, özünü məsum göstərməsi, öz çirkin əməlinə haqq qazandırmaq məqsədilə Misir qadınları üçün məclis təşkil etməsi buna bir sübutdur[19]. Bütdən bağışlanma istəmək: Misirin əzizi “bağışlanma dilə” desə də, bunu kimdən istəməsini demir. Sonrkı ayələrdən onların müşrik olduğu aydın olur. Bu da onu göstərir ki, onun məqsədi büt və ya Allahdan qeyri bir məbud olmuşdur[20]. Misir əzizinin qeyrətsizliyi: Bu ayədən Misir əzizinin qeyrətsiz olduğu başa düşülür. Ümumiyyətlə, diktator və zalım rəhbərlər üçün qeyrət məsələsi və namusunu qorumaq elə də mühüm əhəmiyyət daşıyan məsələlərdən olmamışdır. Onlar özləri o qədər günah və iffətdən kənar işlərə aludə olurlar ki, yanındakıların törətdikləri fəsadlar gözlərində əhəmiyyətini itirir[21]. (Əzizin arvadı) onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (əzəmətli bir məclis qurdu), hər birinin əlinə (meyvə kəsmək üçün) bir bıçaq verdi və (bu vaxt Yusifə): “Onların qarşısına çıx!”– dedi. Onu gördükdə o qədər təriflədilər ki, (diqqətsizlikdən) öz əllərini kəsdilər və dedilər: “Allah qüsursuzdur! Bu, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!” (Əzizin arvadı) dedi: “Barəsində məni məzəmmət etdiyiniz (adam) bax budur! Mən ondan kam almaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, zindana atılacaq və şübhəsiz ki, xar olacaq”. (Yusif) dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bunların hiyləsini məndən uzaq etməsən, mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Çünki O, eşidəndir, biləndir. (Yusifin günahsız olduğunu təsdiq edən) dəlilləri gördükdən sonra, yenə də bir müddət onu zindana salmaq qərarına gəldilər. Onunla birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: “Mən yuxuda şərab (üçün üzüm) sıxdığımı gördüm”. Digəri isə belə dedi: “Mən yuxuda başımda çörək apardığımı, quşların da ondan yediyini gördüm. Bu yuxunun yozumunu bizə bildir. Çünki biz sənin yaxşı adam olduğunu düşünürük.” (Yusif) dedi: “Yemək payınız gəlməmişdən əvvəl yuxunuzun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərindəndir. Mən Allaha iman gətirməyən və axirəti də inkar edən qövmün dinini tərk etdim. —————————————————————————————– Zindan mənim üçün daha yaxşıdır: Bəzi hədislərdə var ki, Misir qadınları Yusifin (ə) camalını gördükdən sonra ona ismarış göndərib ondan kam almaq arzusunda olduqlarını bildirdilər[22]. Bəzi hədislərdə bir qrup qadının əzizin arvadının müdafiəsinə qalxdığı, Yusifi (ə) dövrəyə alaraq yağlı sözlərlə onu əzizin arvadının istəyini yerinə yetirməyə təşviq etdikləri qeyd edilmişdir. Hər halda, Yusif (ə) bu qəribə tələdən Allaha sığındı, zindanın çətinliyini Allahın qəzəbinə səbəb olacaq keçici ləzzətdən üstün tutdu və Allahdan onu bu qadınların hiyləsindən xilas etməsini istədi. İslam peyğəmbərinin (s) hədislərinin birində belə buyurulmuşdur: “Allah kölgəsindən başqa bir kölgə olmadığı gün Allah yeddi qrup insanı Öz ərşinin kölgəsinin altına alacaq. Onlardan biri gözəl bir qadının kam almaq dəvətini rədd edib “mən Allahdan qorxuram” deyən şəxsdir.”[23] Bu ayələrin öyrətdiyi mühüm dərslərdən biri də nəfslə mübarizə, ona qarşı cihad dərsidir. Bu cihadı Peyğəmbər (s) “böyük cihad” adlandırmışdır. Çünki daxili düşmənlə mübarizə xarici düşmənlə mübarizədən daha çətindir. Hədislərin birində belə qeyd edilmişdir: Peyğəmbər (s) bir dəstə müsəlmanı cihada göndərir. Onlar yorğun və yaralı vəziyyətdə geri qayıtdıqlarında Peyğəmbər (s) buyurur: “Kiçik cihadı yernə yetirənlərə eşq olsun! Ancaq onların böyük cihadları qalıb.” Müsəlmanlar soruşurlar: Ey Allahın rəsulu (s), böyük cihad hansıdır? Peyğəmbər (s) buyurur: “Əsl mücahd nəfsi ilə mübarizə aparan şəxsdir.”[24] Hədislərdə “insanın ən böyük düşməni qəzəb və ehtirasdır. Bu iki hissi cilovlayan şəxs yüksək dərəcələrə nail olar, kamilliyin son həddinə yetişər”[25] məzmunu da yer almaqdadır. Doğru yuxular: Yusif surəsində bir neçə heyrətamz yuxu və həmin yuxulardan sonra gerçəkləşən hadisələrdən söz açılmışdır: Yusifin (ə) uşaq vaxtı görüb atasına danışdığı yuxu; iki məhbusun görüb Yusifə (ə) danışdığı yuxu; şahın gördüyü və Yusifin (ə) yozduğu yuxu. Quranda bu qəbildən olan başqa yuxulara da işarə edilmişdir. Doğru yuxular savadlı və savadsız olmasından asılı olmayaraq hər kəsin dqqətini cəlb etmiş mürəkkəb hadisələrdəndir. Alimlər doğru yuxuların həqiqətini hələ də aça bilməmişlər. Ümumiyyətlə, bu mövzu maddi yöndən izahedilməzdir. Onu yalnız ruhun müstəqillyinə inam əsasında izah etmək olar. Əlbəttə, nəzərə almaq lazımdır ki, bütün yuxular belə deyil, çox yuxuların səbəbi stress, dağınıq fikirlər, çox yemək, xəstəlik və sairdir. Ancaq doğru yuxuların gerçəkliyini də inkar etmək olmaz[26]. Nə üçün məhbuslar yuxularının yozumunu Yusifdən (ə) soruşurdular? Məhbuslar Yusifdən (ə) yuxularını yozmasını xahiş etdikdən sonra bu davranışlarının səbəbini belə izah edirlər: “Biz sənin yaxşı adam olduğunu düşünürük”. Adətən, insanlar yaxşı adamların təmiz qəlbə malik olduqlarını, dünyada baş verən hadisələrin bir-biri ilə olan əlaqəsini yaxşı başa düşdüklərini, haqq yolda olmağa daha layiq olduqlarını, başqalarından gizli qalan doğru yuxu kimi bəzi hadisələrdən onların xəbərdar olduğunu düşünürlər. Daxilən təmiz olduqları üçün əməlisaleh insanların digərlərindən gizli qalan hadisələrdən xəbərdar olduqlarına inanırlar. Bu səbəbdən də o iki məhbus yuxularının yozumunu Yusifdən (ə) soruşmuşdular[27]. Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Nəyisə Allaha tay tutmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir. Ey mənim zindan yoldaşlarım! Pərakəndə tanrılar yaxşıdır,  yoxsa Tək olan qalib Allah? Ondan başqa ibadət etdiyiniz bu məbudlar sizin və atalarınızın adlandırdığınız adlardan başqa bir şey deyildir. Allah onlarla bağlı heç bir dəlil nazil etməmişdir. Hökm yalnız Allahındır. Ondan başqasına ibadət etməməyinizi əmr etmişdir. Doğru və sabit din budur, lakin insanların çoxu (bunu) bilmir. Ey mənim zindan yoldaşlarım! Sizdən biriniz öz ağasına şərab süzəcək, digəriniz isə çarmıxa çəkiləcək və quşlar onun başını yeyəcəklər. Haqqında soruşduğunuz məsələ qəti və labüddür”. O iki nəfərdən xilas olacağına əmin olduğuna dedi: “Sahibinin (Misir şahının) yanında məni yada sal!” Lakin şeytan ona sahibinin yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. Şah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. (Quruların yaşıllara dolanıb onları məhv etdiyini gördüm.) Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxum haqqında fikirlərinizi bildirin”. ————————————————————————————– Peyğəmbərlərin günahsız olması Allahın insanlara lütfüdür: Həzrət Yusifin (ə) müşrik olmamağın və tövhid inancının Allahın ona və atalarına bəxş etdiyi bir nemət olduğunu deməsi aydın məsələdir. Çünki bu, Allahın Öz bəndəsinə ardınca əbədi xoşbəxtlik gətirən böyük bir lütfüdür. Ancaq Allahın peyğəmbərlərə lütf etdiyi bu nemətin insanlar üçün də ilahi bir nemət olması artıq ayrı bir mövzudur. Belə ki, insanlara yaxşılığı, təqvanı və düzlüyü ilham edən ağıl və fitrətlə yanaşı, onları dini hökmlərdən xəbərdar edən vəhy və peyğəmbərliyə də ehtiyacları vardır. Habelə insanların şirk çirkabına bulaşmamış pak qəlblərə və işıqlı ruhlara, tövhid fitrətindən əsla uzaq düşməmiş şəxslərə hər zaman ehtiyacı var. Çünki insanlar özbaşına buraxılsaydı, təbii ki, maddiyyat dalınca düşdükləri və Allahı yaddan çıxardıqları üçün insanlar müşrik olardı və bununla da yaranışın əsas məqsədi olan Allaha bəndəlik və ibadət məzmunu öz mənasını itirərdi. Bu cür insanlar zülmətlərə işıq saçan parlaq çıraqlar kimi maddiyyat zülmətinə qərq olmuş mənəvi həyatdan uzaq düşmüş insanları qəflət yuxusundan oyadır, göydən yerə sallanmış bir ip kimi hidayət olunmaq istəyənləri yuxarı aləmlərə qaldırırlar. Peyğəmbər və məsum imam olan bu insanlar yaranışın məqsədini, yəni Allaha ibadət və bəndəlik məqsədini qorumaq vəzifəsi daşıyırlar. Əgər onlar olmasa, yer öz sakinlərini udar. Məhz bu cəhətdən də doğru danışan Yusif (ə) belə buyurmuşdur: “Mən və pak atalarımın yalnız Allaha ibadət etməsi, bizim istənilən şirkdən pak olmağımız, həm bizim özümüz üçün, həm digər insanlar üçün böyük br lütf və diqqətdir. Ancaq insanların çoxu bu ilahi qayğıya diqqət yetirib onun şükürünü etmir.”[28] Müşriklərin tanrıları sadəcə quru adlardır: Bu ifadənin müşriklərin ibadət etdiyi tanrılar haqqında işlədilməsi onların hörmətlə yad etdikləri, qarşısında təzim etdikləri quru adlardan artıq bir şey olmaması ilə bağlıdır. Onlar, əslində, bir neçə ada sitayiş edirdilər. Buna dəniz tanrısı, quru tanrısı, yer tanrısı, göy tanrısı və sairi[29] misal göstərmək olar. Qurucu olan bir şüardan sui-istfadə: “Hökm yalnız Allahındır” şüarı Quranın müsbət şüarlarından biridir. Bu şüarda Allahın hökumətindən başqa hər növ hökumət inkar edilir. Təəssüflər olsun ki, tarix boyu bu şüardan sui-istifadələr olmuşdur. O cümlədən çox axmaq, hissiz Nəhrəvan xairiciləri də Siffeyn müharibəsində hakimlik məsələsinə etiraz olaraq bu şüara əl atmış, müharibənin başa çatdırılması və xəlifə təyin edilməsi üçün hakim təyin edilməsinin günah olduğunu elan etmiş, Allahın Quranda buyurduğu “hökm yalnız Allahındır” şüarını vermişdilər. Lakin unudurdular ki, Allahın əmrilə rəhbər təyin edilmiş öndərlərin hökmü elə Allahın hökmüdür. Əgər hakimləri İmam Əli (ə) təyin edirsə, onların verdiyi hökm Əlinin (ə) hökmü, Əlinin hökmü isə Peyğəmbərin (s) və Allahın hökmü olur. Ümumiyyətlə, Allahın insan cəmiyyətinə birbaşa rəhbərlik etməsi mümkün bir iş deyil. Bunun üçün Allahın əmri ilə insanların özlərindən bəzi adamlar seçilməli və hökumət onlar tərəfindən idarə edilməlidir. Lakin xəvaric bu aşkar həqiqəti unudaraq Əlinin (ə) hakim təyin etməsini səhv hesab edərək, hətta bununla İmamın İslamdan çıxdığı qənaətinə gəlmişdilər. Bu cür qurucu proqramlar nadanların əlinə düşdüyündə İslam hökumətinin ən ziyanlı destruktiv amilinə çevrilir[30]. Deyilənə görə, İmam Əli (ə) xəvaricin bu Quran ayəsindən sui-istifadə etdiyindən xəbər tutduğunda buyurur: “Batilə hədəflənmiş doğru sözdür!”[31] Onlar dedilər: “Dağınıq və qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”. Xilas olan iki nəfərdən biri bir müddətdən sonra xatırlayaraq dedi: “Mən onun yozumunu sizə bildirərəm. Məni (o məhbus gəncin yanına) göndərin!” (O, zindana gəlib belə dedi:) “Yusif! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbül) barədə olan yuxunu bizə izah et ki, mən camaatın yanına qayıdım, bəlkə onlar da xəbərdar olsunlar”. Dedi: “Yeddi il ciddi-cəhdlə əkərlər. Biçdiklərini isə yeyər, az bir miqdar istisna olmaqla, sünbüldə saxlayarlar. Ondan sonra yeddi il quraqlıq gələcək. Əvvəlcədən həmin illər üçün tədarük etdiklərini yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarlar. Daha sonra elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və insanlar (meyvə və yağlı toxumları sıxıb) şirə cəkəcəklər.” Şah dedi: “Onu yanıma gətirin!” Lakin elçi onun (Yusifin) yanına gəldikdə (Yusif) dedi: “Sahibinin yanına qayıt və ondan əllərini doğrayan qadınların əhvalatını soruş. Rəbbim onların hiyləsindən xəbərdardır”. (Şah onları hüzuruna çağırtdırıb) dedi: “Yusifdən kam almaq istədiyiniz vaxt hadisə necə olmuşdu?” Onlar dedilər: “Allah pak və qüsursuzdur! Biz onda pis bir şey görmədik”. (Bu vaxt) əzizin arvadı dedi: “İndi haqq aşkara çıxdı. Ondan kam almaq istəyən mən idim. O isə doğru danışanlardandır.” Bunu ona görə dedim ki, yanımda olmadığı vaxt ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin. —————————————————————————————- Qarmaqarışıq yuxular: Misir böyükləri şahın yuxusunu qarmaqarışıq və dağınıq yuxular addlandırdılar. İnsanın yuxuda olarkən bir yuxudan başqa bir yuxuya keçməsi çox təsadüf edilən haldır. Yəni insan fərqli-fərqli yuxular görür. Bu yuxular bir-birinə qarışdığı vaxt artıq bu yuxulardan bir nəticə almaq olmur. Buna görə də sözügedən yuxuya qarmaqarışıq və dağınıq yuxu deyilir. Misir hökmdarının bu qəribə yuxunu bir deyil, bir neçə dəfəyə gördüyünü də ehtimal etmək olar. Belə ki, Tövratda da onun kök və arıq inəkləri bir dəfə, yaşıl və quru sünbülləri başqa dəfə gördüyü yazılmışdır. Buna görə də Misir başbilənləri onun yuxularını qarışıq və dağınıq yuxular hesab edib demişdilər: Biz belə yuxuları deyil, yalnız doğru-düzgün yuxuları yoza bilirik. Lakin doğru, düzdanışan Yusif (ə) Allahın ona verdiyi elmlə onu yozdu[32]. Düzdanışan Yusif: Yusif (ə) zindanda yoldaşlarının yuxularını düzgün yozduğu, danışıqığında və əməllərində düz olduğu üçün bu şəxs Yusifə (ə) “Siddiq” (çox düzdanışan) deyə müraciət edir. Onu da qeyd etməliyik ki, Allah bu kişinin Yusifə (ə) verdiyi gözəl ləqəbi təsdiq etmişdir[33]. Özünə hörmət: Yusif (ə) zindandan belə asanlıqla çıxıb şahın utancverici əfv fərmanı ilə razılaşmamış, azadlığa çıxdıqdan sonra bir cinayətkar və ya əfv edilmiş bir müttəhim kimi yaşamaq istəməmişdir. Həbs olunmasının səbəbinin araşdırılmasını və tamamilə günahsız olduğunun sübuta yetməsini, yalnız bundan sonra azadlığa çıxarılmasını, eyni zamanda Misir hökumət sisteminin çirkaba bulaşdığını sübuta yetirmək istəmişdir[34]. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Yusifin (ə) səbir və alicənablığı heyrətamizdir. Şahın yuxusunun yozumunu soruşduqlarında “zindandan çıxmayınca yozmaram” demədi. Digər tərəfdən, onu zindandan azad etməyə gəldiklərində üzərində olan ittihamdan xilas olub bəraət almayınca çıxmadı.”[35] Bu səbir və alicənablığı əvvəldə “onu mənim yanıma gətirin” (50-ci ayə) deyən şahın daha sonra “onu mənim yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm” deməsinə səbəb olmuşdur[36]. Yusifin (ə) özünün günahsız olduğunu sübuta yetirməsi: Bu və sonrakı ayə əzizin arvadı deyil, Yusifin (ə) dilindəndir. Bu metod, yəni söz danışanın adı çəkilmədən onun sözünün qeyd edilməsi Quranın sepesifik xüsusiyyətlərindəndir. “Bu sözü ona görə dedim” deyərkən Yusif iki ayə əvvəl dediyi fikri, yəni günahsız olması ilə bağlı araşdırılma aparılmasını nəzərdə tutmuşdur. Yusif (ə) deyir: “Mən bunu ona görə istədim ki, həqiqət üzə çıxsın və ilk növbədə Misirin əzizi əmin olsun ki, o olmadığı vaxt mənim onun həyat yoldaşına qarşı pis nyyətim olmayıb, ikincisi, hər kəs xainin kim olduğunu və xainlərin üzlərinin qaralacağını bilsin.” Yusif (ə) bunları deyərkən onun günasızlığı və düzlüyü hər kəsə məlum olur. Buna görə də Misirin xəzinələrinin rəhbəri olmağa hazır olduğunu elan etdiyində şah dərhal qəbul etdi[37]. Mən özümə əsla bəraət qazandırmıram. Çünki nəfs pis işləri əmr edər. Yalnız Rəbbimin rəhm etdiyi istisnadır. Rəbbim bağışlayandır, rəhim­­lidir. Şah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın (adam) edəcəyəm”. Onunla söhbət etdikdə: “Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”– dedi. (Yusif) dedi: “Bu məmləkətin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”. Beləliklə, Yusifi məmləkətdə (Misirdə) iqtidar sahibi etdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını puç etmirik. İman gətirənlər və təqvalı olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir. (Kənan diyarını qıtlıq bürüdü.) Yusifin qardaşları (ərzaq yardımı almaq üçün Misirə) gəldilər. Daxil olduqlarında (Yusif) onları tanıdı, onlar isə onu tanımadılar. (Yusif) onların yüklərini hazırlayarkən dedi: “(Növbəti dəfə gələndə) atabir qardaşınızı yanıma gətirin! Məgər görmürsünüzmü ki, mən ölçüyə tam riayət edirəm və mən ev sahibliyi edənlərin ən yaxşısıyam? Əgər onu yanıma gətirməsəniz, məndən (bir qab belə) ərzaq görməyəcəksiniz, özünüz də mənə yaxınlaşmayın”. Dedilər: “Atası ilə danışarıq (və onu razı salmağa çalışarıq). Biz bunu edəcəyik.” Daha sonra xidmətçilərinə dedi: “Ödədiklərini də yüklərinin içinə qoyun ki, ailələrinin yanına döndükdə bəlkə də onu tanısınlar və ola bilsin ki, qayıtsınlar”. Atalarının yanına qayıtdıqdan sonra dedilər: “Ey ata! (Qardaşımız Benyamin olmadan) daha bizə ərzaq verilməyəcək. Pay (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz onu qoruyacağıq”. ————————————————————————————– Rəbbimin rəhm etdiyindən başqa: Əvvəlki ayələrdən də gördüyümüz kimi, həzrət Yusif (ə) öz günahsızlığını sübuta yetirib Misirin əzizinə xəyanət etmədiyini elan etdi. Ancaq o, Allahın ixlaslı bəndələrindən olduğu, bütün güc və qüdrətin Allahdan olduğuna, Allah qarşısında özünün heç bir gücə sahib olmadığına inandığı üçün özünü üsyankar nəfsi qarşısında qoruya bilməsini Allahın lütf və mərhəməti olduğunu bəyan edir, bununla fərəhlənirdi. Yusif (ə) heyvani ehtiraslar qarşısında təslim ola biləcəyi halda, Allahın lütf və mərhəməti ilə istisna edildiyinə inanırdı. Əgər Allah insana mərhəmət göstərsə, ən çətin sınaqlardan üzüağ şıxar[38]. İnsanların qıtlıqdan da pis təhlükədən xilas olması: Hədislərdə Yusifin (ə) cəmiyyəti qıtlıqla yanaşı şirk təhlükəsindən də xilas etdiyi qeyd edilmişdir. İmam Rza (ə) buyurmuşdur: “Yusif (ə) nemətlərin bol olduğu yeddi il ərzində azuqə toplamaqla məşğul oldu. Qıtlıq illəri yetişdiyi vaxt azuqələri satmağa başladı. Birinci il azuqələri pul (dinar və dirhəm) qarşılığında satdı. Bu şəkildə Misirin bütün nağd pulları Yusifin (ə) mülkiyyətinə keçdi. İkinci il azuqələri bəzək əşyaları, ləl-cəvahirat qarşılığında satdı. Bu şəkildə Misirin bütün ləl-cəvahiratı Yusifin (ə) mülkiyyətinə keçdi. Bu minvalla üçüncü il heyvanlar, dördüncü il qullar və kənizlər, beşinci il evlər və ərazilər, altıncı il tarlalar və çaylar qarşılığında satdı. Yeddinci il Misir camaatının heç nəyi qalmadığı üçün özləri qarşılığında satdı. Bu şəkildə bütün Misir əhalisi Yusifin (ə) mülkiyyətinə keçdi. Camaat artıq belə deyirdi: “Allahın kiməsə belə bir səltənət verdiyini eşitməmişik. Bu cür elmli və tədbirli şah tanımırıq.” Bundan sonra Yusif (ə) Misir şahına dedi: “Allahın mənə bəxş etdiyi bu nemətlərlə bağlı fikrin nədir? Bil ki, onları bədbəxtlikdən mən xilas etməmişəm ki, sahibləri və ya canlarının bəlasına da çevrilim”. Şah dedi: “Necə deyirsənsə, elə də olsun.” Yusif (ə) dedi: “Mən Allahı və səni şahid tutub bütün Misir camaatını azad edir, var-dövlətlərini də özlərinə qaytarıram. Habelə taxt-tac, səltənət və bütün səlahiyyətlərini özünə qaytarıram. Bir şərtlə ki, mənim dediyim kimi davranıb mənim istədiyim kimi hökm edəsən.” Şah dedi: “Bu təklifə əməl etmək mənim tövbəmdir. Yalnız sənin dininə və ənənənə əməl etmək, hökmünlə hökm etmək mənim üçün qürurdur. Əgər sən olmasaydın, əsla haqq yolda olmazdım. Mənim səltənətimi sən qorudun, onu möhkəmləndirdin. Mən şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur və sən Onun peyğəmbərisən. Sənə verdiyimiz bu vəzifədə qal. Sən bizim yanımızda yüksək məqam və etibar sahibisən.”[39] Qırx ildən sonra Yusifin (ə) qardaşları ilə görüşməsi: Deyilənə görə Yusifin (ə) qardaşları ilə görüşü qırx ildən sonra baş tutmuşdur. Buna görə də qardaşları onu tanımamışdılar. Bundan başqa, quyuya atdıqları və qəpik-quruşa satdıqları Yusifin (ə) nə vaxtsa vəzirlik taxtına oturacağı ağıllarına belə gəlməzdi[40]. Yusif (ə) birinci görüşlərində özünü qardaşlarına tanıtdırmadı. Çünki o, ilk olaraq anabir qardaşını gətizdrmək və özünü yalnız onun olduğu vaxt tanıtdırmaq istəyirdi (90-91-ci ayələr). Bununla da səbirli və təqvalı olduğu üçün özünün, eyni zamanda Yusif kimi, qardaşlarının paxıllığı ucbatından çoxlu çətinliklər görmüş qardaşının Allahın mərhəmət və mükafatına layiq görüldüklərini göstərmək istəyirdi[41]. Qeyd etməliyik ki, Benyamin Yusifin (ə) atabir-anabir qardaşı, o birilər isə atabir qardaşları idi. Hamısının atası Yaqub olsa da, anaları ayrı idi. Dedi: “Onu sizə qardaşını (Yusif) etibar etdiyim kimi, etibar edim? Allah qoruyanların ən yaxşısı, rəhmlilərin rəhmlisidir!” Yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşımızı qoruyar və bir dəvə yükü də artıq gətirərik. Bu, az ərzaqdır! (Misirin səxavətli və alicənab əzizi üçün elə də böyük bir şey deyil.)” Dedi: “İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu sizinlə (Misirə) göndərməyəcəyəm!” Onlar and içib söz verdikdə (Yaqub): “Allah dediyimizə şahid və nəzarətçidir!” – dedi. (Yola düşmək istədikləri vaxt Yaqub) dedi: “Oğullarım! Bir qapıdan daxil olmayın, ayrı-ayrı qapılardan daxil olun. Bununla belə, mən Allahın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allahındır. Mən Ona təvəkkül etdim. Təvəkkül edənlər hamısı da Ona təvəkkül etsinlər!” Onlar ataları əmr etdiyi kimi daxil olduqlarında bu hərəkət Allahın qəza-qədərini əsla onlardan dəf edə bilmədi, ancaq Yaqubun ürəyində bir diləyi yerinə yetmiş oldu. Biz öyrətdiyimiz üçün o, böyük elm sahibi idi. Lakin insanların çoxu bilməz! Onlar Yusifin hüzuruna daxil olduqları zaman qardaşına yanında yer verib dedi: “Mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə, narahat olma!” —————————————————————————————— Yaqubun (ə) Allahın mərhəmətinə arxalanması: Həzrət Yaqub (ə) başlanğıcda oğlanlarının Benyamini özləri ilə aparmaq istəyinə rədd cavabı verir. Çünki Yusifin (ə) başına gələn hadisə zamanı onların əmanətdar insanlar olmadıqlarını görmüşdü. Onlar Yusifi (ə) qoruyacaqları ilə bağlı verdikləri sözün eynisini (12-ci ayə) Benyaminlə də bağlı verirlər (63-cü ayə): “Biz onu qoruyacağıq”. Lakin  Yaqub (ə) onların etibar ediləcək adamlar olmadığını bildiyi üçün sözlərini qəbul etmir, Allahın onu qoruyacağına bel bağlayır və “Allah ən yaxşı qoruyandır”, – deyə buyurur. Bu sözünü Allahın “rəhimlilərin rəhimlisi” olması ilə izah edir. Bir nəfər Allahdan başqasına etibar edib əmanət verə bilər, lakin həmin şəxs əmanətə və onun sahibinə rəhm etməyə bilər. Ancaq rəhm etmək lazım olduğu yerdə mərhəmətini əsirgəmir, işini Allaha həvalə etmiş aciz insana rəhm edir. Bu cümlə haqqında hədislərin birində belə qeyd edilmişdir:  Yaqub (ə) “Allah qoruyanların ən yaxşısıdır …” dedikdən sonra Allah buyurdu: “İzzətimə and olsun, sən Mənə etimad və təvəkkül etdiyin üçün o ikisini (Yusifi və qardaşını) sənə qaytardım.”[42] Yaqubun insafı: Təfsirçilər “imkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə)” ifadəsinin Yaqubun (ə) insaflı və nəzakətli olmasından xəbər verdiyini yazırlar. Oğlu Benyaminə qarşı yüksək sevgisi olmasına baxmayaraq, oğlanlarından imkanları xaricində olan bir şeyi istəmir və deyir: “İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) övladımı sizdən istəyirəm. İmkanlarınız xaricində hər hansı hadisə baş verərsə, sizdə günah görmərəm.”[43] Allahı yaddan çıxarmamaqla yanaşı səbəb və vasitələrədn istifadə: Bu ayədən Yaqubun (ə) oğlanlarına görə qorxduğu məlum olur. O qorxurdu ki, camaatın onun oğlanlarına gözü dəyər, onlara paxıllıq edər və qətlə yetirmək fikrinə düşər, ya da onların birliyindən qorxub parçalanmaları üçün hiylə işlədər, başlarına bəla açarlar. Buna görə də onlara bir qapıdan deyil, ayrı-ayrı qapılardan girməyi göstəriş verir. Əlbəttə, Yaqubun (ə) bu göstərişinin təklikdə və Allahın istəyi olmadan təsirli olacağı təəsəvvürünün qarşısını almaq üçün dərhal da “mən Allahın qəza-qədərinin qarşısını ala bilmərəm. Çünki hökm Allaha məxsusdur. Söylədiklərimi mənə Allah Özü öyrətmiş və bunun özü Allahın istədiyidir” – deyə buyurur. Elə bu səbəbdən də ayənin sonunda onun Allaha təvəkkül etdiyi qeyd edilmişdir. Bu ayədən əldə edilən mühüm dərslərdən biri də budur ki, səbəb və vasitələr əbəs və dəyərsiz hesab edilməməli, onlardan da istifadə edilməlidir. Eyni zamanda səbəb və vasitələrin müstəqil şəkildə təsir göstərmədiklərini, Allahın istəyi və əmri olmadan heç bir təsirə malik olmadıqlarını yaddan çıxarmamaq lazımdır. Ancaq təvəkkül edəcək yeganə varlıq varsa, o da Allah olmalıdır[44]. Onun yüksək elmi bizim təlimimizə əsaslanır: Bu elm kəsb edilən, tövhid inancındakı ixlasına görə Allahın bəzi bəndələrinə lütf etdiyi elmlərin fövqündədir. Bu elm və məlumatda səhv ola bilməz. Ayənin sonunda buyurulan “insanların çoxu onu bilmir” cümləsi əksəryyiətin bu elmdən məhrum olduğunu göstərir. Allah-taala bu cümlə ilə Yaqubu (ə) tərifləyir, onun haqlı olduğunu təsdiq edir, övladlarına verdiyi göstərişi, Allaha təvəkkülünü doğru bir davranış nümunəsi kimi qəbul edir. Elə bu səbəbdən də onun istəyini yerinə yetirib Yusifi (ə) ona qaytarır[45]. (Yusifin adamı) onların yüklərini bağlayarkən şahın su içdiyi qabı qardaşının yükünün içinə qoydu. Sonra bir nəfər qışqırıb dedi: “Ey karvan əhli! Siz oğrusunuz!” (Qardaşlar) onlara tərəf dönüb: “Nə itirmisiniz?”– dedilər. Onlar dedilər: “Padşahın piyaləsini. Onu gətirənə bir dəvə yükü (ərzaq) veriləcək”. (Carçı): “Mən buna zaminəm!”– (dedi). Onlar dedilər: “Allaha and olsun! Siz bilirsiniz ki, biz (bu) yerlərə fitnə-fəsad törətmək üçün gəlməmişik və biz oğru deyilik». Onlar dedilər: “Əgər yalançı olsanız, cəzası nədir?” (Qardaşlar) dedilər: “Kimin yükünün içində tapılsa, cəzası özü olacaq (bu cinayətinə görə sizin köləniz olacaq). Biz zalımları belə cəzalandırırıq”. Bu vaxt o (Yusif), qardaşının yükündən əvvəl onların yüklərini axtarmağa başladı, sonra da onu qardaşının yükündən çıxartdı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa o, Allahın istəyi olmadan şahın qanunlarına əsasən qardaşını tutub saxlaya bilməzdi. Biz istədiyimiz şəxsin dərəcələrini artırırıq. Hər bir bilik sahibindən üstün bir bilən var. Onlar dedilər: “Əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusif) da oğurluq etmişdi”. Yusuf (çox narahat oldu) bunu (narahtlığını) gizlədib onlara büruzə vermədi və (öz-özünə:) “Siz (mənim gözümdə) daha pis mövqedəsiniz. Allah, haqqında danışdığınızdan daha çox xəbərdardır.”– dedi. Onlar dedilər: “Ey vəzir! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz səni yaxşı adam hesab edirik”. ————————————————————————————— Yusif (ə) günahsız bir adamı oğurluqda necə günahlandırdı? Günahsız bir adamı oğurluqda günahlandırmaq yolverilən idimi? Özü də bu, elə bir ittiham idi ki, onun acı nəticəsi digər qardaşlardan da yan keçməyəcəkdi. Əslində, bu plan Benyaminin öz razılığı ilə həyata keçirilmişdi. Çünki Yusif (ə) əvvəlcədən özünü qardaşına tanıtdırmış və qardaşı bu planın onun saxlanılması üçün hazırlandığından xəbərdar idi. Sözügedən davranışda qardaşlara heç bir iftira və böhtan da atılmamışdı. Bu, sadəcə, onlar üçün böyük sınaq qarşısında elə də mühüm əhəmiyyəti olmayan keçici bir narahatlıq yaradacaqdı[46]. Bu sınaq zamanı Yaqubun (ə) sevimli oğlunun itkisinə dözümü yoxlanılacaq, bu vasitə ilə savabı, mükafatı, kamilliyi daha da təkmilləşmiş olacaqdı. Habelə qardaşlar da bu hadisədə sınanacaq, qardaşları Benyamini tək buraxmayacaqları ilə bağlı atalarına verdikləri sözün üzərində durub-durmamaları yoxlanacaqdı. Digər tərəfdən, “əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusif) da oğurluq etmişdi” deyənlərin kimliyi də üzə çıxacaqdı[47]. Bundan əlavə, nəzər nöqtəsi olan ayənin özündən də məlum olur ki, “siz oğrusunuz” sözünü deyən şəxs Yusif deyil, Qurana görə kimliklərinin qeyd edilməsi elə də mühüm əhəmiyyət daşımayan hökumət işçilərindəndir. Nəticədə, bu plan Yusifin (ə) məsumluğuna heç bir xələl gətirmir və əsla günah hesab edilmir[48]. Nə üçün Yusif qardaşları ilə onların öz qanunlarına uyğun davrandı? Əgər Yusif qardaşı Benyamini Misir qanunlarına uyğun şəkildə cəzalandırsaydı, onu döydürməli və həbs etdirməli idi. Digər tərəfdən isə öz məqsədinə nail olub onu yanında saxlaya bilməyəcəkdi. Buna görə də qardaşlarından onlarda oğurluğun cəzasının nə olduğunu soruşur. Qardaşlar da bildirirlər ki, onların qanunlarına görə oğurluq edən şəxsi kölə edib işlətməklə cəzalandırırlar. Yusif (ə) də bu ənənəyə uyğun şəkildə davranır. Çünki cinayətkarın cəzalandırılması üsullarından biri onun mənsub olduğu cəmyyətin qanunlarına uyğun cəzalandırılmasıdır[49]. Qardaşlarının Yusifi (ə) oğurluqda ittiham etməsi: Qardaşları o anda özlərini xilas etmək üçün Yusifə (ə) oğurluq iftirası yaxırlar. Təbii ki, bunun bir əsası olmalı idi. İmam Rzadan (ə) nəql edilən bir hədisdə deyilir: İshaq peyğəmbərin ya kəməri, ya da yaylığı miras olaraq bir peyğəmbərdən digər peyğəmbərə ötürülürdü. Yusifin (ə) zamanında bu yaylıq Yusifin bibisində idi. Uşaq vaxtı Yusif (ə) bibisinin yanında qalırdı. Bibisi qardaşı oğlunu çox istəyirdi. Bir gün Yaqub (ə) bacısına xəbər göndərir ki, Yusifi görmək istəyirəm, göndər görüm, sonra qaytararam. Bibisi Yaqubun (ə) elçisindən Yusfin (ə) bir gecə də onunla qalmasını xahiş edir. Sabahısı gün İshaqın (ə) həmin kəmərini köynəyin altından Yusfin belinə bağlayır və köynəyini də üstünə salıb atasının yanına göndərir. Bir müddətdən sonra Yaqubun (ə) yanına gəlib deyir: Bir müddət idi ki, kəməri itirmişdim. İndi onun Yusifdə (ə) olduğunu görürəm. Həmin dövürdə oğrunun cəzası mal sahibinin köləsinə çevrilmək olduğu üçün bu bəhanə ilə Yusifi (ə) özü ilə aparır. Bundan sonra Yusif (ə) bibisinin yanında qalır[50]. O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”. Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara çəkildilər. Böyükləri dedi: “Atanızın sizi Allaha and içdirdiyini, bundan əvvəl də Yusifə qarşı haqsızlıq etdiyinizi bilmirsiniz? Atam mənə izn verməyincə və Allah mənim haqqımda hökm çıxarmayınca buradan tərpənməyəcəyəm. O, hökm verənlərin ən yaxşısıdır. Atanızın yanına qayıdın və deyin: “Ey atamız! Oğlun oğurluq etdi. Biz ancaq bildiyimiz şeyə şahidlik etdik. Biz qeybi bilmirdik. (Əgər inanmırsansa,) olduğumuz şəhərdən və birlikdə gəldiyimiz karvandan soruş. Biz, doğru danışırıq”. (Yaqub) dedi: “Nəfsiniz bu işi sizə gözəl göstərib. Mən səbir edirəm, gözəl səbir. Ümidvaram ki, Allah onların hamısını mənə qaytaracaq. Çünki O, biləndir, hikmət sahibidir”. Üzünü onlardan döndərdi və: “Heyf Yusifdən!”– dedi. Qəm-qüssədən gözlərinə ağ gəldi. Ancaq qəzəbini boğurdu. Dedilər: “Allaha and olsun ki, Yusifi o qədər xatırlayacaqsan ki, axırda ya əldən düşəcək, ya da öləcəksən”. O dedi: “Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm.” ————————————————————————————- Yusifin (ə) danışığında diqqətli olması: Diqqət çəkən məqam budur ki, Yusif (ə) qardaşlarının oğurluq etdiyini dilinə gətirmir, yalnız “biz yanında malımızı tapdığımız…” deyir. Bu da onun həyatda yanlışa yol verməmək üçün çox diqqətli olduğunu göstərir. Biz qeybi bilmirdik: Burada Yaqubun (ə) oğlanları “qeyb” deyərkən Benyaminin oğru olduğunu nəzərdə tutmuşdular. Yəni piyalə tapılmazdan əvvəl bundan xəbərsz olduqlarını demək istəmişdilər. Belə olduğu təqdirdə ayənin mənası belə olur: Atacan, oğlun oğurluq etdi. Biz yalnız oğurluğun cəzasının nə olduğunu dedik. Benyaminin oğurluq etdiyini və buna görə tutulacağını bilmirdik. Yoxsa bildiyimizi deməzdik, nəticədə, o da tutulmazdı[51]. Yaquba (ə) görə Benyaminin saxlanma səbəbi: Yusifdə (ə) olduğu kimi, Benyaminin xəbərindən sonra da Yaqub (ə) oğlanlarına “nəfsiniz bu işi sizə gözəl göstərib” deyərkən (18-ci ayə) oğlanlarını təkzib etmək və ya onlara böhtan atmaq məqsədi güdmürdü. Çünki Quran özü də onların doğru danışdıqlarını və Benyaminin həqiqətən də saxlanıldığını təsdiq edir. Əslində, həzrət Yaqub (ə) ilahi bəsirətlə Benyaminin saxlanılması ilə Yusifin (ə) itməsi arasında bir əlaqə olduğunu başa düşürdü və Yusifin (ə) də itməsinə onların nəfsani istəklərinin səbəb olduğunu bilirdi. Buna görə də o, “mən Allahın Benyamini qaytaracağına” deyil, “mən Allahın onların hamısını (Yusif, Benyamin və Misirdə qalmış böyük qardaş) mənə qaytaracağına ümidvaram” dedi. Bununla da başa salır ki, onların hamısının itirilməsi nadan oğullarının nəfslərinə aldanması nəticəsində baş vermişdir[52]. Gözəl səbir: Bir gün İmam Baqirdən (ə) “gözəl səbir”in nə olduğunu soruşurlar. İmam buyurur: “(Bu) səbir edənin heç kəsə şikayətlənmədiyi səbirdir. Bir gün İbrahim (ə) nəvəsi Yaqubu (ə) abid bir rahibin yanına göndərir. Rahib onu gördükdə İbrahim (ə) olduğunu güman edib qarşısına yüyürür, görüşüb bağrına basır və onu “salam olsun Rəhmanın dostu İbrahimə” deyərək salamlayır. Yaqub (ə) buyurur: “Mən İbrahim deyiləm, İbrahimin oğlu İshaqın oğlu Yaqubam”. Rahib deyir: “Bəs nə üçün belə yaşlı və sınıxmış görünürsən?” Buyurur: “Qəm, qüssə, xəstəlik”. Yaqub hələ rahibin mənzilinə çatmamış Allah ona vəhy edərək buyurur: “Ey Yaqub, Məndən bəndələrimə şikayət edirsən?!” Elə bu vaxt Yaqub səcdəyə düşərək deyir: “Allahım, bir daha bunu təkrar etmərəm.” Allah vəhy göndərərək buyurur: “Bu dəfə səni bağışladım. Ancaq bir daha təkrarlama”. Ondan sonra Yaqub (ə) dünyanın hansı çətinliyi ilə qarşılaşırsa, heç kəsə şikayət etmir. Yalnız bir dəfə belə deyir: “Mən dərd-qəmimi yalnız Allaha söyləyirəm və Allahdan sizin bilmədiklərinizi bilirəm.”[53]   Ey oğullarım! Gedin, Yusif və qardaşını axtarın, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Çünki Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər”. Onlar (Yusifin) yanına girdikdə dedilər: “Ey vəzir! Biz və ailəmiz fəlakətə uğramışıq. (Ərzaq almaq üçün) özümüzlə bir qədər mal gətirmişik. Bizim ölçünü tam et və bizə sədəqə ver. Şübhəsiz ki, Allah sədəqə verənləri mükafatlandırar”. Dedi: “Nadan olduğunuz vaxt Yusifə və qardaşına nə etdiyinizi bilirsinizmi?” Dedilər: “Yoxsa sən Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə minnət qoydu. Kim təqvalı, səbirli və dözümlü olsa, (axırda qalib gələcək). Çünki Allah yaxşı iş görənlərin mükafatını puç etməz”. Dedilər: “Allaha and olsun ki, Allah səni bizdən üstün tutmuşdur. Biz isə xətaya yol verənlərdən olmuşuq”. (Yusif) dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhimlisidir. Bu köynəyimi aparıb atamın üzünə atın, gözləri açılsın. (Sonra da) bütün yaxınlarınızı mənim yanıma gətirin”. Karvan (Misir torpağından) ayrılanda ataları dedi: “Əgər məni ağılsız hesab etməsəydiniz, (deyərdim ki,) mən Yusifin qoxusunu hiss edirəm. Onlar dedilər: “Allaha and olsun ki, sən hələ də əvvəlki yanlışlığında qalmaqdasan”. ————————————————————————————– Yaqub (ə) Yusifin (ə) həyatda olduğunu haradan bilirdi? Hənnan ibn Südeyr adlı bir nəfər İmam Baqirdən (ə) soruşur: Yaqub (ə) Yusifin (ə) sağ olduğunu bilirdimi? Halbuki iyirmi il idi ki, Yusifdən (ə) ayrı düşmüşdü. İmam Baqir (ə) buyurur: Bəli, bilirdi. O, sübh vaxtı Allahdan ölüm mələyinin yanına enməsini istəyir. Əzrayıl yerə endikdən sonra deyir: Ey Yaqub, nə istəyirsən? Yaqub soruşur: Mənə de görüm, ruhları bir-bir alırsan, yoxsa birlikdə? Əzrayıl: “Tək-tək”, – deyə cavab verir. Yaqub soruşur: Yusifin də ruhunu almısanmı? Ölüm mələyi: “Xeyr”, – deyə cavab verir. Yaqub Yusifin sağ olduğunu başa düşür. Buna görə də oğlanlarına deyir: Oğlanlarım, gedin Yusifi və qardaşlarını axtarın!”[54] Allahın mərhəmətindən təkcə kafir adamlar ümidlərini kəsər: Şirk və küfrdən sonra ən böyük günah Allahın rəhmətindən naümid olmaq və ya Allahın əzabına düçar olmamağı hesab etməkdir. Quran ayələri və hədislərdə mömin insanın əzabdan qorxu və Allahın mərhəmtinə ümid hisslərini eyni səviyyədə saxlamaq göstərişi verilmişdir. İnsan ona əzab verilməyəcəyini düşünərsə, istənilən çirkaba aludə olar. Əgər Allahın rəhmətindən ümidini kəssə, özünü islah etmək yolunda çalışmaz[55]. Allahın rəhmətindən ümidini kəsən şəxs, Yaqubun dilindən də söylənilmiş ayəyə əsasən, kafir hesab edilir. Çünki belə bir şəxs Allahın sonsuz qüdrətini məhdudlaşdırır və Onun bir daha bağışlamayacağını, sonsuz lütf və mərhəmətini bir daha ona aid etməyəcəyini düşünür[56]. Hədislərdə Allahın rəhmətindən naümid olmaq ciddi şəkildə məzəmmət edilmişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Günahların ən böyüyü Allaha şərik qoşmaq… ondan sonra isə Allahın rəhmətindən naümid olmaq… sonra özünün Allahın əzabına düçar olunmayacağını düşünməkdir.”[57] Qüdrət sahibi olarkən bağışlamaq peyğəmbərlərin əxlaqıdır: Əvvəlki ayədə bizə mühüm bir dərs verilmiş, İslamın gözəl bir davranışı və dini qanunu aydın şəkildə təqdim edilmişdir. İslama görə, düşmən üzərində qələbə çaldıqda intiqam fikrinə düşmək, kin saxlamaq olmaz, güc və qüdrət sahibi olduqdan sonra əfv etmək lazımdır. Belə ki, İslam peyğəmbəri (s) bənzər hadisə zamanı, yəni Məkkənin fəthindən, qaniçmiş düşmənlər, müşrik və bütpərəst başçılar üzərində qələbə çaldıqdan sonra onlara belə demişdi: “Ey Qüreyş camaatı, sizinlə bağlı nə əmr edəcəyimi düşünürsünüz?… Mən sizin haqqınızda qardaşları üzərində qələbə çaldıqdan sonra qardaşım Yusifin söylədiyini söyləyəcəyəm: “Bu gün siz qınanılmayacaqsınız.”[58] Allahın istədiyi olur: “Yusif” surəsindəki dərslərdən biri Allahın istəyinin yaradılmışların istəyinə qalib gəlməsidir. Xar etmək üçün qardaşları Yusifi (ə) quyuya atdılar. Ancaq hadisə onun Misirin əzizinin evinə düşməsinə və Misirin əzizi olması ilə nəticələndi. Xar etmək üçün Misirin əzizinin arvadı onu zindana saldırdı, ancaq eyni hadisə onun şahın yanında yüksək vəzifə və məqama yüksəlməsi ilə nəticələndi. Qardaşları onun qanlı köynəyini atalarına apardılar və qəm-qüssədən Yaqubun gözü kor oldu. Ancaq Allah Yaqubun (ə) gözlərinin Yusifin (ə) köynəyi vasitəsilə açılmasını istədi. Ümumiyyətlə, bütün zahiri səbəblər əl-ələ verib Yusifi (ə) xar etmək istədi, ancaq Allah onun günbəgün daha da ucalmasını və güclənməsini istədi, belə də oldu: “Allah istədiyini edəndir”[59]. Müjdəçi gəlib çatdıqdan sonra köynəyi onun üzünə atdı, dərhal gözləri açıldı və dedi: “Məgər sizə deməmişdimmi ki, mən Allahdan (gələn vəhy sayəsində) sizin bilmədiklərinizi bilirəm?” Dedilər: “Ata! Allahdan bizim günahlarımızın bağışlanmasını dilə. Çünki biz, xətaya yol verənlərdən olmuşuq”. O dedi: “Tezliklə Rəbbimdən sizin üçün bağışlanma diləyəcəyəm. Çünki O, bağışlayandır, rəhimlidir”. Onlar Yusifin yanına gəldikdə o, ata-anasını qucaqlayıb dedi: “Hamınız Misirə daxil olun! Allahın istəyi ilə əmin-amanlıqda olacaqsınız.” Ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar ona (Yusifə) görə səcdə etdilər. O dedi: “Atacan! Bu, daha öncə gördüyüm yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O yaxşlıq edib məni zindandan çıxartdı, Şeytan mənimlə qardaşlarım arasına fitnə saldıqdan sonra sizi səhradan gətirdi. Rəbbim istədiyinə qarşı lütfkardır. Çünki O, biləndir, hikmət sahibidir. Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”. Bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar qərara gəlib plan qurduqları vaxt sən onların yanında deyildin. Sən nə qədər israrlı olsan da, insanların çoxu iman gətirməyəcək. ————————————————————————————– Təvəssül Quran mətninə əsaslanan bir həqiqətdir: Bu ayəyə əsasən deyə bilərik ki, başqasının vasitəçiliyi ilə bağışlanma diləmək tövhidə zidd deyil, əksinə, Allahın lütf və mərhəmətinə nail olmaq üçün bir vasitədir. Yoxsa Yaqub (ə) peyğəmbər övladlarının ondan Allaha dua edib onların bağışlanılmalarını istəməsini necə qəbul edə və vastəçilik istəklərini müsbət qarşılaya bilərdi? Bu, onu göstərir ki, Allahın vəlilərinə təvəssül etmək icazəli bir əməldir. Bunu yasaq və tövhid prinsipinə zidd bir davranış hesab edənlərin ya Qurandan xəbərləri yoxdur, ya ondan düzgün nəticə ala bilmirlər, ya da yanlış təəssübkeşlikləri onların Quran maarifinin həqiqətlərinə nail olmasına mane olur[60]. Nə üçün Yaqub (ə) oğlanları üçün Allahdan bağışlanma istəyini sonraya saxladı? Yaqubun (ə) oğlanları üçün bağışlanma istəyini təxirə salmasının səbəbi bəlkə də bu ola bilər ki, o, öncə Yusifi (ə) görməklə Allahın ona bəxş etdiyi nemətin tamamlandığını, qəlbən tam məmnun olmaq, Yusifin (ə) ayrılıq acısını qəlbindən tamamilə təmizləmək, bundan sonra şəfqətlə dua etmək istəyirdi. Bəzi hədislərə əsasən deyə bilərik ki, bəlkə də o, bu diləyi duanın qəbul ediləcəyi ehtimal edilən bir günə saxlamışdı. Belə ki, İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “ Yaqub bağışlanma diləyini cümə günü sübh vaxtına qədər təxirə saldı”. Başqa bir hədisində İmam Sadiqin (ə) Peyğəmbərdən belə nəql etdiyini oxuyuruq: “Allahı çağıracağınız ən yaxşı vaxt sübh vaxtıdır. Yaqub (ə) duanı səhər açılana qədər təxirə saldı.”[61] Bu iki hədisə əsasən deyə bilərik ki, bəlkə də ümumi şəkildə səhərlər, xüsusi şəkildə isə cümə günü sübh vaxtı Allaha dua və minacat etmək üçün ən yaxşı vaxtdır. Yusifin ailəsi Yusifə (ə) deyil, Yusifə (ə) görə səcdə etdi: Səcdə şübhəsiz ki, Allaha məxsus olan bir ibadətdir. Bütün peyğəmbərlərin dəvət hədəfi olan tövhidin mənası da elə məhz budur. Buna görə də nə Yusif (ə) ona səcdə edilməsinə icazə verərdi, nə Yaqub (ə) kimi böyük bir peyğəmbər bunu edərdi, nə də Quran onu layiqli və məqbul bir əməl kimi təqdim edərdi. Deməli, bu səcdə Allaha edilmiş bir şükür səcdəsi olmuşdur. O Allaha ki, bütün bu nemətləri, məqamı, dərəcəni, əzəmət və böyüklüyü Yusifə (ə) bəxş etmiş, Yaqub (ə) ailəsinin çətinliklərini həll etmişdi. Belə olan surətdə Yaqubun (ə), zövcəsinin və övladlarının Allaha etdiyi səcdə Yusifə (ə) görə olduğu üçün ona hörmət və ehtiram əlaməti də sayılırdı. Məsum imamların (ə) çoxlu sayda hədislərində onların səcdəsinin Allaha ibadət və itaət, Yusifə (ə) hörmət, Allaha şükür səciyyəsi daşıdığını oxuyuruq. Mələklərin Adəmə (ə) səcdəsi məsələsində də səcdə belə bir heyrətamiz varlıq yaradan böyük Allaha ibadət məzmunu daşımaqla yanaşı, Adəmin (ə) məqamına hörmət səciyyəsinə də malik idi. Bunu belə izah edə bilərik ki, bir nəfər çox mühüm və böyük bir iş görür. Biz də belə bir bəndə yaratdığı üçün Allaha səcdə edirik. Bu səcdə Allaha ibadət, sözügedən bəndəyə isə hörmət sayılır[62]. Yusifin (ə) yuxusunun yozumu: Bu ayədə yuxu deyilərkən Yusifin (ə) uşaq vaxtı görüb atasına danışdığı yuxu nəzərdə tutulur. O, yuxuda Günəşin, Ayın, və on bir ulduzun ona səcdə etdiyini görmüşdü. Atası, anası və qardaşları Misirə gəldikdən sonra ona görə səcdəyə düşdükləri vaxt Yusif (ə) həmin yuxunun yozumunu açıqladı[63]. Sən onlardan bir mükafat istəmirsən. Bu, aləmlər üçün yalnız bir xatırlatmadır. Göylərdə və yerdə nə qədər əlamət vardır ki, onların yanından üz çevirib keçirlər. Allaha iman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir. Məgər onlar Allahın (hər tərəfi) bürü­­yən əzabından yaxa qurtacaqlarına, ya da gözləmədikləri bir vaxt saatın (Qiyamətin) qəfildən gəlməyəcəyinə əmindirlər? De: “Bu, mənim yolumdur. Mən və mənim ardıcıllarım ayıq və tam əminliklə insanları Allaha doğru dəvət edirik. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm”. Biz səndən əvvəl məmləkətlərin sakinlərindən yalnız vəhy etdiyimiz kişiləri elçi göndərdik. (Sənin çağırışına qarşı çıxanlar) özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmək üçün yer üzünü gəzmədilərmi? Axirət yurdu təqvalılar üçün daha xeyirlidir. Məgər düşünmürsünüz? (Peyğəmbərlər öz dəvətlərinə, düşmənlər də qarşıdurmalarına davam etdikləri halda,) elçilər ümidlərini itirdikdə və (camaat da) onlara yalan deyildiyini güman etdiklərində köməyimiz onlara gəlir və istədiklərimiz nicat tapırdı. Günahkar tayfadan əzabımız əsla geri çevrilməz. Onların başına gələnlərdə düşüncə sahibləri üçün bir ibrət vardır. Bunlar uydurulmuş hekayələr deyil, özündən əvvəlkilərlə uyğunluğu olan, hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir zümrə üçün hidayət və mərhəmətdir. ———————————————————————————– İtaətdə şirk: Allah bu surənin 103-105-ci ayələrində Peyğəmbərin (s) muzd istəməməsinə, göylərdə və yerdə Allahı xatırladan saysız-hesabsız əlamətlər olmasına baxmayaraq, insanların çoxunun iman gətirmədiyini, daha sonra isə iman gətirən azlığın da çox hissəsinin şirkə bulaşdığını buyurmuşdur. İmanla şirk bir-biri ilə əks qütblərdə dayanır. Bir nəfər imanın ən yüksək və ya şirkin ən aşağı mərtəbəsində və yaxud da bu ikisinin arasında ola bilər. Yəni mömin olduğu halda, şirkə bulaşa bilər. İman qəlbin itaətkarcasına Allaha bağlılığıdır. Bu bağlılığın isə güclü və ya zəif dərəcələri vardır. Bir nəfər Allahın ixlaslı bəndələri kimi, Allahdan qeyrisinə ürək bağlamaz. Belə oan surətdə iman zirvəsində qərarlaşmış olur. Bir nəfər də haqq-həqiqəti unudub tamamilə Allahdan qeyrisinə, keçici maddi həyata bağlana bilər. Bu iki nöqtə arasında dərəcə və mərhələlər var. Sözügedən ayədə həmin mərhələlərə işarə edilmişdir. Məsələn, bir nəfər Allahdan qorxduğunu, Ona iman gətirdiyini iddia etdiyi, bütün güc-qüvvənin Allaha məxsus olduğunu bildyi halda, hər hansı müsibət və çətinliyin qorxusundan bütün varlığı ilə tir-tir əsə, “bütün güc və qüvvə Allaha məxsusdur” ayəsindən xəbərdar olduğu halda, gücü Allahdan qeyrisindən istəyə, Allahın ruzi verən olduğuna inandığı halda, hər bir mərd və namərdin qapısını döyə, Allahın hər şeydən xəbərdar olduğuna imanı olduğu halda, yenə utanmaya və Allahın hüzurunda günah edə bilər. Bu cəhətdən ayədə şirkin bəzi mərhələləri ilə imanın bəzi mərhələlərinin bir araya gələ biləcəyinə işarə edilmişdir. Əxlaq terminologiyasında buna “gizli şirk” deyilir. Ayənin incə məqamlarına işarə edən Əhli-beyt (ə) hədisləri bu cəhətdən daha çox diqqət və düşüncə tələb edir. İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Bu ayədə ibadət deyil, itaətdə şirk nəzərdə tutulmuşdur. İnsanların etdikləri günahlar itaətkarlıqda şirkdir. Çünki günah edənlər Şeytana itaət edir, Allaha itaətdə Şeytanı da Allaha ortaq edirlər. Bu günahlar ibadət şirki olmadığı üçün Allahdan qeyrisinə ibadət hesab edilmir.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Burada küfr həddinə çatmamış şirk nəzərdə tutulmuşdur.” Başqa bir hədisində İmam Sadiq (ə) belə buyurmuşdur: “Ayədəki şirki belə izah edə bilərik: məsələn, bir nəfər deyir: “Əgər filankəs olmasaydı, mən məhv olmuşdum, əgər filankəs olmasaydı çətinliyə düşəcək, ailəmi itirəcəkdim.” Bu şəxs Allaha idarəedici ortaqlar qoşmuşdur, onları ruziverən, bəla və müsibətləri dəf edən hesab edir.” Hədisin ravisi imamdan “bir adamın: “Əgər Allah filankəsi yetirməsəydi, mən batmışdım, məhv olmuşdum”, – deməsi də şirkdir?” – deyə soruşduqda İmam buyurur: “Bu, yaxşıdır və heç bir eybi yoxdur”[64]. Tövhidin yüksək zirvəsinə dəvət edənlər: Allah-taala əvvəlki ayədə kamil imanın və xalis tövhidin çətinliklə əldə edilən bir gövhər olduğunu, möminlərin çoxunun həmin mərhələyə çata bilmədiyini buyurduqdan sonra peyğəmbərinə bildirir ki, Allah yolu ayıqlıq və bəsirətlə müşayiət olunan xalis tövhidə çağırışdır. Bu yüksək zirvəyə çatmaq üçün Allah rəsulunun (s) çağırışına müsbət cavab vermək lazımdır. Burada diqqət çəkən cəhət dəvət vəzifəsinin təkcə Peyğəmbərə (s) deyil, bütün davamçılara aid olmasıdır. Əlbəttə, bu ağır və məsuliyyətli vəzifəni öz üzərinə yalnız Peyğəmbər (s) kimi şirkdən uzaq olan, elmli, ayıq və Allaha əminliklə inanan adam götürə bilər. Davamçı olduğunu iddia edən hər kəs də Allaha dəvət məsuliyyətinin altına girə bilməz. Belə ki, 106-cı ayədə Allah-taala belə buyurur: “İman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir.” Əhli-beyt (ə) hədislərində “davamçı və ardıcıllar” deyilərkən bu ayədə möminlərin əmiri İmam Əli (ə) və ondan sonrakı imamların nəzərdə tutulduğu qeyd edilmişdir[65]. Əlbəttə, məsum imamlar (ə) Peyğəmbərin (s) ən parlaq davamçıları olduqları üçün ayənin məzmunu onlara şamil olsa da, təkcə onlarla məhdudlaşmır. [1] Əl-Mizan, c.11, səh.62 [2] Əl-Mizan, c.11, səh.75 [3] Əl-Mizan, c.11, səh.80 [4] Nümunə, c.9, səh.318 [5] Əl-Mizan, c.11, səh.84 [6] Mənşuri-cavid,c.11, səh.347 [7] Nümunə, c.9, səh.326 [8] Nümunə, c.9, səh.323 [9] Əl-Mizan, c.11, səh.102 [10] Mənşuri-cavid,c.11, səh.355 [11] Nümunə, c.9, səh.350 [12] Nümunə, c.9, səh.357 [13] Nümunə, c.9, səh.361 [14] Əl-Mizan, c.11, səh.122 [15] Nümunə, c.9, səh368 [16] Əl-Mizan, c.11, səh.128 [17] Mənşuri-cavid,c.11, səh.375 [18] Əl-Mizan, c.11, səh.136 [19] Nümunə, c.9, səh.389 [20] Əl-Mizan, c.11, səh.147 [21] Nümunə, c.9, səh.388 [22] Əl-Mizan, c.11, səh.156 [23] Nümunə, c.9, səh.402 [24] Nümunə, c.9, səh.375 [25] Mənşuri-cavid,c.11, səh.390 [26] Nümunədən iqtibas edilmişdir, c.9, səh.311; c.19, səh.481 [27] Əl-Mizan, c.11, səh.175 [28] Əl-Mizan, c.11, səh.177 [29] Əl-Mizan, c.11, səh.180 [30] Nümunə, c.9, səh.418 [31] Nəhcül-bəlağə, 198-ci hikmət [32] Əl-Mizan, c.11, səh.190 [33] Əl-Mizan, c.11, səh.191 [34] Nümunə, c.9, səh.230 [35] Ətyəbül-bəyan, c.7, səh.210 [36] Əl-Mizan, c.11, səh.203 [37] Əl-Mizan, c.11, səh.203 [38] Əl-Mizan, c.11, səh.201 [39] Əl-Mizan, c.11, səh.209 [40] Ətyəbül-bəyan, c.7, səh.221 [41] Əl-Mizan, c.11, səh.211 [42] Əl-Mizan, c.11, səh.216 [43] Nümunə, c.10, səh.26 [44] Əl-Mizan, c.11, səh.220 [45] Əl-Mizan, c.11, səh.223 [46] Nümunə, c.10, səh.39 [47] Pəyame-Quran, c.7, səh.121 [48] Əl-Mizan, c.11, səh.225 [49] Nümunə, c.10, səh.37 [50] Əl-Mizan, c.11, səh.242 [51] Əl-Mizan, c.11, səh.232 [52] Əl-Mizan, c.11, səh.233 [53] Əl-Mizan, c.11, səh.243 [54] Əl-Mizan, c.11, səh.243 [55] Ətyəbül-bəyan, c.7, səh.260 [56] Əl-Mizan, c.11, səh.237 [57] Üsuli-kafi, c.2, səh.303 [58] Nümunə, c.10, səh.95 [59] Əl-Mizan, c.11, səh.245 [60] Nümunə, c.10, səh.75 [61] Əl-Mizan, c.11, səh.247 [62] Nümunə, c.10, səh.83 [63] Əl-Mizan, c.11, səh.249 [64] Əl-Mizan, c.11, səh.278 [65] Əl-Mizan, c.11, səh.279

QURANI KƏRIM 25.12.2024

“Hud” surəsi

“Hud” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. Bu, ayələri möhkəmləndirilmiş, sonra izah edilmiş və Allah tərəfindən göndərilmiş bir kitabdır. (Mənim çağırışım budur ki,) siz Allahdan başqasına ibadət etməyəsiniz. Mən Allah tərəfindən sizi qorxudan və müjdələyənəm. Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz, sonra Ona doğru qayıdasınız ki, müəyyən bir müddətə qədər sizə yaxşı gün-güzəran versin və hər bir yaxşı əməl sahibinə əməli qədər bağışlasın. Əgər (bu əmrdən) üz döndərsəniz, mən böyük günün sizə üz verəcək əzabından qorxuram. Sizin qayıdışınız Allaha doğrudur. O, hər şeyə qadirdir! Bilin ki, onlar özlərini (və sözlərini) ondan (Peyğəmbərdən) gizlətmək məqsədilə sinələrini bükərlər. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Çünki O, ürəklərdə olan sirlərdən xəbərdardır. —————————————————————————————- “Hud” surəsinin ümumi məzmunu: Bu surənin ayələrində Məkkə surələrində olduğu kimi, İslam maarifinin əsas prinsiplərindən, yəni tövhid, şirk və bütpərəstliklə mübarizə, qayıdış, ölümdən sonrakı dünya, peyğəmbərin dəvətinin doğruluğu prinsiplərindən bəhs edilir. Ayələrdə qeyd olunan mövzularla yanaşı düşmənləri kəskin təhdidlər, möminlərin tutduqları yolda əzmkar və qətiyyətli olması ilə bağlı ciddi göstərişlər də yer almışdır. Surədə həzrət Nuhun (ə) fəaliyyətindən və mübarizələrindən geniş şəkildə bəhs edilir, Hud, Saleh, İbrahim, Lut və Musanın (Allahın salamı olsun onların hamısına) başına gələn hadisələrdən, onların şirkə, küfrə, azğınlığa və zülmə qarşı mübarizələrindən bəhs edilir[1]. Din dünya həyatının həqiqi gözəlləşdiricisidir: Quranın bu və bir çox digər ayələrində dindarlığın ölümdən sonrakı həyatdan əvvəl dünya həyatını gözəlləşdirdiyi bəyan edilmişdir. Bəziləri dünyanın maddi nemətləri ilə iman, tövbə arasında mənəvi və gizli bir bağlılıq olduğunu hesab edirlər. Halbuki bu əlaqə və bağlılığı gizli hesab etməyimizin heç bir əsası yoxdur. Hər bir ağıllı və məntiqli insan yalan, saxtakarlıq, oğurluq, zülm, haqsızlıq və ayrıseçkiliyin sosial həyat bağlarını bir-birindən qopardığını və insanın həyatını zülmətə çevirdiyini qəbul edir. Quranın bu və bundan əvvəlki ayəsində dörd prinsipə riayət edilməsinin müsəlmanların, ümumiyyətlə, insanların dünya həyatlarını abadlaşdırdığı qeyd edilmişdir. Həmin prinsiplər bunlardır: 1. Tövhid: “Yalnız Allaha ibadət edin”; 2. Peyğəmbərlərin rəhbərliyinin qəbul edilməsi: “Mən Allah tərəfindən sizi qorxudan və müjdələyənəm”; 3. Mühitin günahdan təmizlənməsi: “Bağışlanma diləyin”; 4. İlahi dəyərlərə doğru qayıdış və onları həyat şüarı etmək: “Ona doğru qayıdın”. Buna görə də qeyd olunan dörd prinsipdən sonra belə buyurulmuşdur: “Müəyyən bir müddətə qədər sizə yaxşı gün-güzəran versin və hər bir yaxşı əməl sahibinə əməli qədər bağışlasın.”[2] Allah-taala bu cümlələrdə demək istəyir ki, daha öncə qeyd edilmiş göstərişlərə əməl ediləcəyi təqdirdə Allah bəyənilən xüsusiyyətləri özündə ehtiva edən, habelə səy və çalışqanlıqda digərlərindən üstün olan şəxsi malik olduğu üstünlük qədər müküfatlandırar, ona xoşbəxtlik və səadət nəsib edər. Belə ki, hər hansı xüsusiyyətdə üstünlük və imtiyazı olan şəxs ondan daha yaxşı istifadə edib dünya və axirətdə yüksək dərəcəyə nail ola bilər. Bu, yalnız tövhd və Allaha iman sayəsində gerçəkləşən bir həqiqətdir. Çünki Allah adildir və heç kəsin haqqını zay etməz. İnsan cəmiyyətləri tövhid və imandan uzaq düşdükləri üçün zahirən nə qədər mütərəqqi və inkişaf etmiş görünsələr də bu inkişaf gözə dəymir. Çünki allahsız cəmiyyətlərdə insanlar diktator və aciz olmaqla iki qrupa bölünürlər. Bütün imtiyazlar layiq olmasa belə, diktatora verilir. Aciz və zəiflər üstünlük sahibi və xoşbəxtliyə layiq olsalar da həmişə bədbəxtlik və xoşagəlməzlik içində çabalayırlar[3]. Müşriklər özlərini Peyğəmbərdən (s) gizlədirdilər: Hədis və tarix kitablarının yazdığına görə, müşriklər və Peyğəmbəri (s) inkar edənlər müəyyən həddə qədər Allahı qəbul edir, Peyğəmbərlə mübarizəyə qalxıb Quran və onun surələrinin bənzərini gətirməyə çalışırdılar. O dövrün söz ustadları çox çalışdılar, hətta bir neçəsi Kəbənin yanında bir yerə toplaşıb bir il müddətinə Quranın hamısını və ya bir hissəsini sıradan çıxarmaq haqqında sözləşdilər. Lakin bir surə gətirməyi belə, bacarmadılar. Bundan sonra Peyğəmbərə (s) iftiralar atmağa, onu sehrbaz və yalançı adlandırmağa başladılar. Ayədə elmi mübarizədə məğlubiyyətə uğramış, rüsvay olduqlarını gördükdə boyunlarını büküb paltarlarını başlarına çəkərək aradan çıxan şəxslərə işarə edilmişdir. Onların Quranla mübarizə aparmağa gücləri çatmamış və ona üstün gələ bilməmişdilər[4]. Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların məskunlaşdıqları yeri də, daşındıqları yeri də bilir. Bunların hamısı açıq-aşkar bir kitabda qeyd edilmişdir. Sizi sınayıb hansınızın daha yaxşı əməl sahibi olduğunu təyin etmək üçün ərşi (hökmranlığı) su üzərində ikən göyləri və yeri altı gündə yaradan Odur. Əgər: “Siz öləndən sonra, həqiqətən, qaldırılacaqsınız!” – desən, şübhəsiz ki, kafir olanlar: “Bu, açıq-aşkar sehrdir!” – deyə cavab verərlər. Əgər onlara gələcək əzabı az bir müddət gecikdirsək, (istehza ilə): “Ona mane olan nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün geri qaytarılmayacaq. Məsxərəyə qoyduqları (şey) onları yaxalayacaq. Əgər Öz tərəfimizdən insana bir nemət daddırsaq, sonra da bunu ondan geri alsaq, şübhəsiz ki, o, məyus və nankor olacaq. Əgər başına gələn bir müsibətdən sonra ona nemətlər daddırsaq, mütləq: “Çətinliklər məndən sovuşdu, artıq geri gəlməz” – deyəcək, qəflət və sevinc içində batıb özünü öyəcək. Səbir edib yaxşı işlər görənlər müstəsnadır. Onları bağışlanma və böyük bir mükafat gözləyir. “Nə üçün ona bir xəzinə endirilməyib və ya onunla birlikdə bir mələk gəlməyib?” – deməklərindən dolayı, bəlkə də, sənə vəhy edilən ayələrin bəzisini (qəbul etmədikləri üçün) tərk etməli (təxirə salmalı) olacaqsan və buna görə ürəyin qısılacaq! Sən yalnız qorxudansan. Allah hər şeyi qoruyan, nəzarətdə saxlayandır! ———————————————————————————— Təyin edilmiş ruzinin əldə edilməsinə səy göstərmək: Bəzi zəif insanlar ruzinin təyin edildiyini ifadə edən bu ayə və hədislərə əsaslanaraq insanın ruzi əldə etmək üçün daha çox səy göstərməsinə lüzum olmadığını, ruzinin təyin edildiyini, istənilən halda insana verildiyini və heç bir açıq ağızın ruzisiz qalmadığını düşünə bilər. Halbuki Quran və hədislərlə ümumi tanışlığı olan insan İslama görə istənilən maddi və mənəvi nailiyyətin əsasında səy və fəaliyyət dayandığını bilir. İslam rəhbərləri başqalarına örnək olmaq üçün çox vaxt ağır və böyük zəhmət tələb edən işlərlə məşğul olmuşlar. Əbdülə’la belə nəql edir: Yayın çox isti günlərindən biri idi. Mədinə küçələrinin birində Cəfər ibn Mühəmmədlə (ə) qarşılaşdım. Ona dedim: “Sənə fəda olum, Siz Allah dərgahında yüksək məqam sahibisiniz və Peyğəmbər nəslindənsiniz. Buna baxmayaraq, belə bir gündə özünüzü əziyyətə salırsınız?” İmam Sadiq (ə) buyurdu: “Ey Əbdülə’la, mən öz ruzimin təminatında səndən və sənin kimilərindən ehtiyacsız olmaq üçün ruzi qazanmaq niyyətilə çölə çıxmışam.” Əslində, diqqət yetirilməsi zəruri olan məsələ budur ki, ruzinin təyin olunmasından bəhs edən ayə və hədislər öz yaşayışlarının təminatı üçün hər yola əl atan, cinayət törətməkdən çəkinməyən, zülm və haqsızlığa yol verən, günah işlədən, belə etmədikdə yaşayışlarını təmin edə bilməyəcəklərini düşünən həris və dünyapərəst insanlar üçün bir cavabdır. Quran ayələri və hədislərdə bu cür şəxslərə yaşayışlarını təmin etmək üçün, əbəs yerə canfəşanlıq göstərməmək, qeyri-qanuni vasitələrə əl atmamaq, ağlın qəbul etmədiyi yollardan istifadə etməmək xəbərdarlığı verilmişdir. İnsanlar qanuni fəaliyyət göstərməli və Allahın onların ehtiyaclarını edəcəyinə əmin olmalıdırlar. Həzrət Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Məlumunuz olsun ki, Ruhul-əmin qəlbimə vəhy edib ki, heç kəs ruzisinə tam nail olmadan ölməz. Özünüzü Allahdan qorxmağa adət etdirin, ruzinizi gözəlliklə axtarın. Ruzinin gec yetişməsi sizi Allahın itaətindən çıxmağa vadar etməsin, çünki uca Allah ruziləri yaratdıqları arasında haram deyil, halal şəkildə bölüşdürmüşdür. Buna görə də Allahdan qorxan və səbirli olan şəxsin ruzisi ona halal yolla çatar. Allah həya pərdəsini yırtıb ruzisini haram yolla əldə edən şəxsin halal ruzisini azaldar və özünü də cəzalandırar.”[5] Allahın su üzərindəki ərşi: Bəzən “ərş” sözü ümumi yaradılış aləmi mənasında işlənir. Bəzən maye olan hər şeyə “su” deyilir. Maye halında olan filizləri və sairəni buna misal göstərə bilərik. Ərş və su haqqında yazdıqlarımızdan belə qənaətə gəlmək olar ki, yaradılış aləmi ilk mərhələdə maye halında olan maddələrdən təşkil olunmuşdur. Ya da çox yüksək təzyiqlə sıxılmış qazlar maye və ərimiş maddələr şəklində olmuşdur. Sonra suyabənzər bu kütlədə böyük bir hərəkət və partlayış baş vermiş və səthində olan hissələr davamlı olaraq kənarlara sıçramışdır. Daha sonra bu, bir-birinə bitişik olan hissələr ayrılaraq biri digərinin ardınca planetlər, ulduzlar və qalaktikaları yaratmışlar. Deməli, Allahın hökmranlığının məzhəri olan bu kainat və ərş ilk başlanğıcda sözügedən suyabənzər əzəmətli maddə üzərində olmuşdur. Ayədə işarə edilən digər mühüm məsələ varlıq aləminin insan üçün yaradılması, yəni yaradılışının əsl məqsədinin insan olmasıdır. İnsan isə təlim-tərbiyə altında təkamül yolunu qət etməli, anbaan Allaha yaxınlaşmalıdır. Allah-taala buyurmuşdur: “(Allah) sizi sınayıb hansınızın daha yaxşı əməl sahibi olduğunu təyin etmək üçün (bu heyrətamiz yaradılışı yaratmışdır).” Ayədə hər bir insanın dəyərinin onun əməllərinin çoxluğu deyil, əməlin gözəlliyindən asılı olduğu qeyd edilmişdir. Bu da onu göstərir ki, İslam hər yerdə əməlin kəmiyyəti deyil, keyfiyyətinə üstünlük vermişdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Allah əməlin çoxluğunu deyil, düzlüyünü istəyir. Əməlin düzlüyü Allahdan qorxma və düz niyyətdən asılıdır.” Daha sonra buyurmuşdur: “Xalis əməli qorumaq əməlin özündən çətindir. Xalis əməl yerinə yetirilərkən Allahdan başqa heç kəsin nəzərdə tutulmadığı əməldir.”[6] Yoxsa: “Bunu (Quranı) özündən uydurdu!” – deyirlər. De: “Əgər doğru deyirsinizsə, siz də onun kimi özünüzdən on surə uydurub gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın. Yox, əgər onlar dəvətinizi qəbul etməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir məbud yoxdur! Bu halda təslim olursunuz? Dünyanı və onun bərbəzəyini istəyənlərə əməllərinin əvəzini elə həmin dünyada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Axirətdə onların oddan başqa heç bir payı olmayacaq. Onların dünyada (Allahdan qeyrisi üçün) gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar! Rəbbin tərəfindən açıq-aydın bir dəlili, ardınca da Onun tərəfindən bir şahidi olan, ondan da əvvəl Musanın (ümməti üçün) rəhbər və mərhəmət olan kitabının təsdiq etdiyi kimsə (bu xüsusiyyətlərə malik olmayan bir şəxs kimi ola bilərmi)?! Bunlar (həqiqət axtarışında olanlar) ona (bu xüsusiyyətlərə malik olana) inanırlar. Onu inkar edən müxtəlif zümrələrin mənsublarına vəd olunan yer oddur. Artıq sən də onun barəsində şübhəyə düşmə. O, sənin Rəbbindən (gələn) haqdır, lakin insanların çoxu inanmaz! Allaha iftira yaxanlardan daha zülmkar kim ola bilər? Onlar (Qiyamət günü) Allahın hüzuruna gətirilər və şahidlər (peyğəmbərlər və mələklər) belə deyərlər: “Bunlar Rəbləri barəsində yalan söyləyənlərdir!” Allahın lənəti olsun zalımlara! (İnsanları) Allah yolundan döndərənlər, doğru yolu əyri göstərənlər axirəti inkar edənlərdir. ———————————————————————————- 15. Niyyətin əməlin nəticəsinə təsiri: Bu və sonrakı ayədə ilahi həqiqətlərdən birinə aydınlıq gətirilmişdir. O da budur ki, məzmunundan asılı olmayaraq, insanın gördüyü iş üçün etdiyi niyyətin müvafiq nəticəsi vardır. Əgər insan gördüyü işi dünya üçün etsə, o zaman bütün zəruri şərtlər çərçivəsində onun dünya həyatı yaxşılaşacaq. Ancaq görülən işin nəticəsinin axirətə heç bir aidiyyəti olmayacaq. Çünki axirət məqsədi güdülməmiş və bunun üçün heç br addım atılmamışdır. Hətta yaxşılıq etmək, gözəl əxlaq sahibi olmaq kimi yaxşı əməllər də təklikdə axirət və Cənnət nemətlərinə nail olmaq üçün kifayət etmir. Görülən işdə Allaha yaxınlaşmaq və axirət niyyəti olmasa, axirət savabına səbəb olmaz. Allahın rəsulu (s) bu ayəni izah edərkən buyurmuşdur: “Qiyamət günü mənim ardıcıllarım üç qrupa bölünəcək: Allaha ixlasla ibadət edənlər; əməllərində riyakarlıq edənlər; dünya üçün yaşayanlar. Həmin gün Allah Ona dünyaya görə ibadət edənlərə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm Mənə ibadət etməkdə nə məqsəd güdürdün?” Həmin şəxs deyəcək: “Dünya.” Allah buyuracaq: Topladıqlarının sənə heç bir xeyri olmayacaq və oraya dönməyəcəksən. Onu Cəhənnəmə aparın!” Sonra ibadətlərində riyakarlıq edənə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm Mənə ibadət etməkdə nə məqsəd güdürdün?” O: “Riyakarlıq və özünü göstərmək”, – deyə cavab verəcək. Allah-taala buyuracaq: “Riyakarlıqla etdiyin ibadət səni Mənə doğru ucaltmaz. Bu gün sənə onun heç bir faydası yoxdur. Onu Cəhənnəmə aparın!” Sonra Allaha ixlasla ibadət edən şəxslərə buyuracaq: “Səni izzət və əzəmətimə and verirəm, de görüm hansı məqsədlə Mənə ibadət edirdin?” O deyəcək: “And olsun izzət və əzəmətinə, Sən məndən daha yaxşı bilirsən. Mən Sənə yalnız Sənin razılığını qazanmaq və Cənnətə nail olmaq üçün ibadət edirdim. Allah buyuracaq: “Bəndəm düz deyir, onu Cənnətə aparın!”[7] Əli (ə) Allah rəsulunun (s) peyğəmbərliyinin doğruçu şahididir: Təfsirçilər bu ayədə “Rəbbi tərəfindən aşkar dəlili olan” deyilərkən Peyğəmbərə (s), “onun aşkar dəlili” deyilərkən Qurana, peyğəmbərlyinin doğruçu şahidi deyilərkən Əli (ə) kmi həqiqi möminlərə işarə edildiyini qeyd etmişlər. Məsum imamlardan (ə) bizə çatmış çoxlu sayda hədislərdə və bəzi sünni təfsirlərində “şahid” deyilərkən İmam Əlinin (ə) nəzərdə tutulduğu bildirlmişdr. Bir kişi İmam Əlidən (ə) soruşur: “Hansı ayə sizin haqqınızda nazil olmuşdur?” İmam buyurur: “Allahın “aşkar dəlili olan…” ayəsini eşitməmisənmi? Peyğəmbərin öz Rəbbindən aşkar dəlili var idi. Mən Onun tərəfindən ona şahidəm.” Əlbəttə, şahid sözünün İmam Əliyə (ə) aid edilməsi bu sözün Əbuzər, Salman, Əmmar Yasir və sair kimi həqiqi möminlərə də aid edilməsi ilə heç bir təzad təşkil etmir. Sadəcə, bu hədislərdə daha üstün şəxsə işarə edilmişdir. Belə ki, beşinci imamdan nəql edilən bir hədisdə bütün məsum imamlar şahid sözünün nümunələri kimi təqdim edilmişdir[8]. Rəvayətlərin birində Müaviyənin qarşısında uzun-uzadı çıxışı zamanı İmam Həsənin (ə) belə buyurduğu nəql edilmişdir: “Nəhayət işlər bu yerə yetişdi ki, Allah Mühəmmədi (s) peyğəmbər seçdi, kitabını ona göndərdi, sonra ona insanları Allaha doğru dəvət etməsini əmr etdi. Atam Allahın və peyğəmbərinin çağırışına cavab verən, iman gətirən, Allahı və peyğəmbərini təsdiq edən ilk şəxs oldu. Allah peyğəmbərinə nazil etdiyi kitabda buyurmuşdur: “Aşkar dəlili olan şəxs…”. Allah rəsulu aşkar dəlili olan şəxsdr. Atam onun arxasınca gedən və peyğəmbərliyinin şahididir.”[9] Onlar yer üzündə qaçıb canlarını qurtara bilməzlər. Allahdan başqa kömək edən də tapmazlar. Allahın əzabı onlar üçün ikiqat olacaq. Onlar (haqqı) eşidə bilməzlər və (onu) görməzlər! Onlar varlıqlarının sərmayəsini itirdilər. Yalandan uydurduqları məbudlar da yoxa çıxdı. Axirətdə də hər kəsdən çox onların ziyana uğraması labüddür! İman gətirib yaxşı işlər görənlər və Rəbləri qarşısında təvazökarlıqla təslim olanlar cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar! Bu iki zümrənin (kafirlərin və möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Bu ikisi eyni ola bilərmi?! Məgər ibrət almırsınız? Biz Nuhu öz qövmünə doğru göndərdik. Nuh dedi: “Mən sizi açıq-aşkar qorxudanam! Allahdan başqasına ibadət etməyin. Çünki mən ağrılı-acılı günün sizə üz verəcək əzabından qorxuram!” Qövmünün kafir əyan-əşrəfi dedi: “Biz səni ancaq özümüz kimi adi bir insan hesab edirik. Sənə yalnız sadəlövh səfillərin tabe olduğunu görürük. Sizin bizdən (heç bir şeydə) üstün olduğunuzu da görmürük. Əksinə, sizin yalançı olduğunuzu hesab edirik!” (Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər Rəbbim tərəfindən açıq-aydın bir dəlilim olsa, dərgahından mənə bir mərhəmət bəxş etsə və o sizə gizli qalsa (yenə də mənim peyğəmbərliyimi inkar edəcəksiniz)? Siz istəmədiyiniz halda, biz sizi bu aşkar dəlili qəbul etməyə məcbur edə bilərikmi?! ————————————————————————————- Kafirlər haqqı eşitmək gücündə deyillər: “Onlar haqqı görə bilməzlər”, yəni haqq sözü eşitmək onlar üçün o qədər ağırdır ki, sanki onu eşitməyə gücləri çatmır. Təbii ki, ifrat inadadkarlıq, haqq və həqiqətə qarşı düşmənçiliyn nəticəsində haqqı dərk edə bilməmələri onları məsuliyyətdən azad etmir. Çünki bu acizliklərinə səbəb olan davranışları onların özlərinin ixtiyari seçimidir. Yəni kafirlər günah etmək, itaətsizlik göstərmək və bunda israrlı olmaqla elə iş görüblər ki, Allah haqq səsini eşitmək, əlamətləri görmək qüdrətni onlardan alıb[10]. Böyük ziyan: İnsan, əslində, varlığından başqa heç nəyin sahibi deyil. Əgər yeganə sərvəti olan varlığını dünya ilə münasibətdə məhvinə səbəb olan şeyə satarsa, şübhəsiz ki, zərər etmiş olar. Bu şey nə qədər qiymətsiz olarsa, alqı-satqının ziyanı da bir o qədər çox, satan şəxs daha böyük zərər çəkmiş olar[11]. Möminlərin ən üstün xüsusiyyətlərindən biri: “Əxbətu” feili “ixbat” sözündən düzəlmişdir. “İxbat” sözünün kökü isə mənası insanın üzərində əminlik və rahatlıqla addım ata biləcəyi saf, hamar və geniş yer olan “xabt” sözüdür. Buna görə də qeyd olunan söz əminlik, habelə təvazökarlıq və təslim mənasında işlədilmişdir. Çünki bu xüsusiyyətlərə malik olan yer həm addım atanlar üçün təhlükəsizdir, həm də yol gedənlər üçün təvazökar və təslim olan[12]. Hədislərin birində belə qeyd edildiyini oxuyuruq: Səhabələrindən biri İmam Sadiqə (ə) dedi: “Aramızda Küleyb adlı bir şəxs var. Sizdən bir söz eşidən kimi, “mən təslim” deyir. Buna görə də ona “Təslim Küleyb” adı vermişik. İmam dua edib buyurdu: “Allah ona rəhmət etsin!” Sonra əlavə etdi: “Bilirsiniz, təslim nədir?” Biz susduq. İmam buyurdu: “And olsun Allaha, bu, Allah kəlamının “إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ” ayəsində qeyd edilən həmin “ixbat”dır.”[13] Bir suala cavab: Şübhəsiz ki, Nuha (ə) iman gətirənlər nə səfil idilər, nə də aşağı səviyyəli adamlar. Sadəcə, peyğəmbərlər hər şeydən əvvəl zəifləri müdafiə edib özlərini böyük hesab edənlərə qarşı mübarizə apardıqları üçün peyğəmbərlərin dəvətini ilk qəbul edənlər məhz həmin imkansız, yoxsul, az gəlirli adamlar olurdu. Şəxsiyyət miqyasını yalnız güc və qızılla ölçən insanlar bu sinfin nümayəndələrini səfil hesab edirdilər. Onları ona görə sadəlövh adlandırırdılar ki, onlarda başqalarında olan inadkarlıq, xoşagəlməz təəssüb yox idi. Onlar həqiqətin ilk parıltısını öz qəlblərində daha tez hiss edən, həqiqət axtarışından qaynaqlanan zəkaları ilə peyğəmbərlərin sözlərində və əməllərində düzlük və doğruluq əlamətlərini görən təmizürəkli gənclər idi[14]. Ey qövmüm! Mən bu dəvətə görə sizdən bir muzd, mükafat istəmirəm. Mənim muzdum ancaq Allaha aiddir. Mən iman gətirənləri (sizə görə) qovan deyiləm. Onlar öz Rəbləri ilə görüşəcəklər. (Əgər onları özümdən uzaqlaşdırsam, Qiyamət məhkəməsində düşmənim olarlar). Lakin mən sizi cahil bir tayfa görürəm! Ey qövmüm! Əgər mən onları qovsam, Allah qarşısında kim mənə yardım edəcək? Məgər düşünmürsünüz? Mən sizə demirəm ki, Allahın xəzinələri məndədir. Mən qeybi də bilmirəm. Mən demirəm ki, mələyəm. Sizin gözünüzdə səfil görünənlərə Allahın heç bir xeyir verməyəcəyini də demirəm. Onların ürəklərində olanı Allah daha yaxşı bilir. (Belə olduğu təqdirdə əgər onları qovsam,) onda zalımlardan olaram!” Onlar dedilər: “Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. İndi ki, düz deyirsən, bizə vəd verdiyini gətir görək!” Nuh dedi: “Əgər Allah istəsə, gətirəcək. Siz ondan qaça bilməyəcəksiniz. Əgər Allah sizi (etdiyiniz günahlara görə) sapdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm də, nəsihətimin sizə heç bir faydası olmayacaq. O, sizin Rəbbinizdir və siz Ona doğru qaytarılacaqsınız!” Yoxsa (müşriklər): “O (Mühəmməd) bu sözləri yalandan Allaha isnad edib!” – deyirlər? De: “Əgər mən onu özümdən uydurub, Allaha isnad edirəmsə, günahı mənim boynumadır. Ancaq mən sizin törətdiyiniz günahlardan uzağam!” Nuha belə vəhy olundu: “Bu vaxta qədər iman gətirənlərdən başqa artıq qövmündən heç kəs iman gətirməyəcək. Buna görə də etdikləri əməllərə görə kədərlənmə! Hüzurumuzda və vəhyimizə uyğun olaraq gəmi düzəlt, zülm edənlər barəsində Mənə müraciət etmə (onların bağışlanmalarını Məndən xahiş etmə). Çünki onlar hamısı suda boğulmağa məhkumdur!” ————————————————————————————– Nə üçün heç kəsin qeybdən xəbəri yoxdur? Qeyb və bu kimi hadisələrin bilinməsindən bəhs edən ayələrin iki qrupa bölündüyünün və ilk baxışda onların bir-biri ilə təzad təşkil etdiyinin şahidi oluruq. Birinci qrup ayələrdə qeyb elminin və fövqəladə qüdrətin yalnız Allaha məxsus olduğu, başqalarının isə belə bir imkana malik olmadığı qeyd edilmişdir. İkinci qrup ayələrdə Allahdan qeyrilərinin (bəzi mələklər və peyğəmbərlərin) də qeybdən xəbərdar olduğu qeyd edilmişdir. Quran ayələrini və hədisləri bir qədər dərindən araşdırdıqda məlum olur ki, Allaha aid olan qeyb elmi və qüdrəti mütləqdir və heç nə ilə şərtlənməmişdir. Yəni Allahdan başqa heç kəs öz-özlüyündə başqasının yardımı olmadan qeyb elminə və qüdrətinə malik ola bilməz. Lakin Allah kiməsə qeyb elmini və qüdrətini lütf edərsə, həmin şəxs də Allahın icazəsi ilə qeybdən xəbər verə və fövqəladə qüdrət sahibi ola bilər. Məsələn, Allah “Nəcm” surəsinin 44-cü ayəsində belə buyurmuşdur: “Öldürən və dirildən Odur”. Halbuki “Ali-İmran” surəsinin 49-cu ayəsində həzrət İsanın (ə) dilindən belə buyurulmuşdur: “Ölüləri Allahın izni ilə dirildirəm”. “Cinn” surəsinin 26-cı ayəsində belə buyurulmuşdur: “Qeybi bilən Odur, heç kəsi qeyb sirlərindən xəbərdar etmir.” Ancaq sonrakı, yəni 27-ci ayədə belə buyurulmuşdur: “Seçdiyi elçilər istisnadır”[15]. Dinlə ağılın uyğunluğu: Ayəni oxuyarkən belə bir fikir yarana bilər: Bu necə məntiqdir ki, peyğəmbər camaata “əgər bu iftiradırsa, günahı mənim boynuma” deyir? İftira günahının məsuliyyətini qəbul etmək peyğəmbərin sözünün doğru və həqiqət olduğunu sübuta yetirirmi? Eyni zamanda onlarda itaət məsuliyyəti yaradırmı? Əvvəlki ayələrə diqqət yetirdikdə bu sualın cavabı məlum olur. Əslində, Peyğəmbər (s) demək istəyir ki, sağlam ağıl və məntiq dəlil və sübuta əsaslanmış sözləri qəbul edir, mən də ağıl və məntiqə zidd olan bir söz deməmişəm. Əgər fərz etsək ki, bu sözlər Allah tərəfindən nazil olmayıb, o zaman günahı mənim boynuma. Ancaq siz mənim bu sözlərimə tabe olsanız, günah etməmiş olarsınız. Çünki ağıl və məntiqə tabe olursunuz. Lakin sizin heç bir dəlil və sübut olmadan, sırf inadkarlıq üzündən mənə qarşı çıxmağınız böyük və bağışlanmaz günahdır[16]. Nuhun gəmi düzəltməsi ilahi vəhyə əsaslanırdı: “Hüzurumuzda”, yəni sənin bu istiqamətdə gördüyün bütün işlər və göstərdiyin səylər Bizim hüzurumuzda və gözlərimiz önündə baş verir. Buna görə də arxayınlıqla öz işinə davam et. Təbii ki, Allahın gördüyünü, baxdığını, qoruduğunu və nəzarətində saxladığını hiss etmək insana həm güc və qüvvət verir, həm də məsuliyyət hissini artırır. “Bizim vəhyimiz” ifadəsi onu göstərir ki, Nuh (ə) gəmini necə düzəltməyi də Allahdan öyrənirdi. Belə də olmalı idi. Çünki o həzrət daha öncədən tufanın hansı miqyasda olacağını bilmədiyi üçün gəmini hansı ölçüdə düzəldəcəyini də bilməzdi. Deməli, ən yaxşı formaları seçməkdə Allah ona vəhy vasitəsilə yardım etmişdir[17]. O, gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi eyni şəkildə məsxərəyə qoyacağıq. Tezliklə rüsvayedici əzabın kimə gələcəyini və əbədi əzabın kimi haqlayacağını biləcəksiniz!” Nəhayət, əmrimiz gəldiyi və təndir qaynadığı zaman (Nuha) dedik: “Hər heyvandan biri erkək, biri dişi olmaqla, bir cüt, həmçinin əvvəlcədən həlak vədi verilmiş şəxslər (arvadın və oğlanlarından biri) istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir!” Əslində, onunla birlikdə çox az adam iman gətirmişdi. O dedi: “Onun (Allahın) adı ilə gəmiyə minin! Gəmi hərəkət edəndə də, dayananda da Onu xatırlayın ki, Rəbbim bağışlayandır, rəhm edəndir!” Gəmi onları dağlar kimi dalğaların arasından apardığı zaman Nuh bir kənarda durmuş oğlunu səsləyib dedi: “Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!” O isə belə cavab verdi: “Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam”. Nuh dedi: “Allahın rəhm etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!” Bu vaxt dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. Deyildi: “Ey yer, suyunu ud! Ey göy, saxla!” Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və: “Zalımlar (Allahın mərhəmətindən) uzaq olsunlar!” – deyildi. Nuh Rəbbinə səslənib dedi: “Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Sənin vədin haqdır. Sən bütün hakimlərdən üstünsən!” ————————————————————————————– Nuhun gəmisinin böyüklüyü: Şübhəsiz ki, Nuhun gəmisi sadə bir gəmi olmamışdır. O dövrdə belə bir gəminin düzəlməsi də asan başa gəlməmişdir. Gəmi həqiqi möminlərlə yanaşı, hər heyvandan bir cüt və gəmidəki insan və heyvanların uzun müddətlik qidasını tutacaq qədər böyük idi. Digər tərəfdən, gəmi bütün yer üzünü bürümüş suda dağ boyda dalğaların arasından sağ-salamat keçməli, məhv olmamalı idi. Bəzi hədislərdə gəminin uzunluğunun min iki yüz “dirsək” (bir dirsək təxminən yarım metrdir), eninin isə altı yüz “dirsək” olduğu qeyd edilmişdir[18]. İmam Sadiqə (ə) istinad edilən bir hədisdə bu gəminin düzəlməsinə səksən il vaxt sərf edildiyi yazılmışdır[19]. Məsxərə: Heç bir səbəb olmadan kimisə məsxərəyə qoymaq bəyənilməyən bir davranış və nadanlıq əlaməti hesab edilsə də, haqq üçün, əzab vermək və qarşılıq göstərmək, xüsusilə, hədəfə nail olmaq və düşmənlərin bəhanələrinə son qoymaq məqsədilə olsa, eybi yoxdur. Belə ki, “Tövbə” surəsinin 79-cu ayəsində Özünün məsxərə etdyini qeyd edir: “Münafqlər yoxsul möminləri məsxərəyə qoyur. Allah da onları məsxərəyə qoyur.”[20] Suyun təndirdən qaynaması: İmam Sadiqin (ə) Müfəzzəl adlı səhabəsi ondan “təndir qaynadı” cümləsinin mənasını soruşduqda İmam buyurur: “Bu təndir möminə bir qarının evində idi. Ev isə Kufə məscidinin sağ tərəfindəki qiblənin (mehrabın) arxasında yerləşmişdi.” Müfəzzəl soruşur: İndiki məscidin hansı tərəfində? İmam buyurur: “İndiki Fil qapısının küncündə”. Müfəzzəl soruşur: Su həmin təndirdən qaynamağa başlamışdı? İmam buyurur: “Bəli, Allah Nuhun qövmünün əzab əlamətini görməsini istəmişdir. Sonra Allah heyrətamiz bir yağış göndərmiş, bütün bulaqlar qaynamış, Allah o qövmü suda batırmış, Nuh və onunla birlikdə gəmidə olanları xilas etmişdir.”[21] Nə üçün Nuha (ə) hər heyvandan bir cüt götürməsi əmr edildi? Bu, ona görə əmr edilmişdi ki, həmin seldə heyvanların nəsli kəsilməsin. Çünki sel bütün yer üzünü, ya da ən azı yer üzünün böyük bir hissəsini bürüyəcəkdi. İkinci halda da həmin vaxt heyvanların uzaq bir yerə daşınması asan bir iş deyildi[22]. Nuhun (ə) qövmünün inadkarlığı və onun dözümlülüyü: İmam Baqirin (ə) “onunla birlikdə çox az adam iman gətirmişdi” cümləsi haqqında buyurduğu bir hədisdə “onların sayı səkkiz nəfər olmuşdu” qeyd edildiyini oxuyuruq[23]. Maraqlıdır ki, Quranda verilən xəbərə görə həzrət Nuh (ə) qövmünü 950 il haqqa dəvət etmişdir. Qövmünün inadkarlığından daha çox peyğəmbərin səbr və dözümü insanı heyrətə gətirir. Nuhun (ə) gəmisi harada dayanmışdır? Nuh (ə) gəminin idarəçiliyini Allaha həvalə etmişdi. Dalğalar gəmini o tərəf-bu tərəfə aparırdı. Hədislərdə qeyd olunanlara görə, gəmi altı ay üzmüş, çox yerlərdən (bəzi hədislərdə gəminin Məkkədən və Kəbə yaxınlığından keçdiyi qeyd edilmişdir) keçmişdir. Nəhayət, əzabın sona yetməsi və yerin əvvəlki vəziyyətə qayıtması əmr edilmişdir. Bu ayədə Allahın əmrinin icra forması, onun detalları və nəticəsi çox qısa, eyni zamanda gözəl və aydın şəkildə ifadə edilmişdir. Quranın bütün ayələri yüksək fəsahət və bəlağətə malik olsa da, dilçi alimlərin çoxunun dediyinə görə, bu ayə Quranın ən fəsahətli və bəlağətli ayəsi hesab edilir[24]. “Cudi” sözü dağa, bərk və daşlı yerə deyilir. Bəziləri hesab edir ki, bu, Mosul ərazisində yerləşən və bir ucu Ararat dağlarına gedib çıxan dağ silsiləsindəki bir dağın adıdır[25]. Buyurdu: “Ey Nuh! O sənin ailəndən deyil. Çünki o, qeyri-saleh əməldir (layiq olmayan bir adamdır). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm”. Dedi: “Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!” (Nuha) belə deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim tərəfimizdən (bəxş edilmiş) əmin-amanlıq və bərəkətlərlə (gəmidən) en. Elə ümmətlər də var ki, Biz onlara nemətlər verəcək, sonra isə (bu nemətlərə qarşı nankorluq etdikləri üçün) onları şiddətli bir əzaba düçar edəcəyik!” (Ya peyğəmbər!) Bunlar sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Buna görə səbirli və dözümlü ol! Çünki (gözəl) aqibət müttəqilərindir! Ad (qövmünə) də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Siz yalnız iftiraçısınız (bütləri Allaha ortaq edirsiniz)! Ey qövmüm! Mən buna (peyğəmbərliyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Başa düşmürsünüz? Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin. Sonra Ona doğru qayıdın ki, göydən sizə davamlı yağış göndərsin, gücünüzün üstünə güc əlavə etsin. Günahkarcasına (haqdan) üz çevirməyin!” Dedilər: “Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Sənin sözünlə tanrılarımızı tərk etməyəcəyik. Biz sənə inanmırıq! ————————————————————————————- Nuhun oğlu pislərlə qaldı: “O səndən deyil” cümləsi çox böyük bir insani və tərbiyəvi dərsdir. Bu ayədən belə məlum olur ki, Allah üçün mənəvi bağlılıqlar qarşısında fiziki bağlılıqların (qohumluq və dostluğun) heç bir qiyməti yoxdur. Qohumluq imtiyazı, hətta ata və oğul münasibətləri mənəvi və ideoloji bağlılıq qarşısında öz mənasını itirir. Mənəvi bağlılıq olduğu yerdə Peyğəmbərlə (s) heç bir fiziki bağlılığı olmayan Salman Farsi “Salman bizim ailədəndir” hədisinə əsasən Peyğəmbərin (s) ailəsindən hesab edilir. Ancaq Nuhun (ə) oğlu atası ilə mənəvi əlaqəsini kəsdiyi üçün “o sənin ailəndən deyil” cümləsi ona aid olur. Əhli-beyt (ə) hədislərində şiələrin onların əməli təlimatları və proqramlarını öz həyatlarında yüksək səviyyədə tətbiq etmədikləri halda, təkcə bu adı daşımaqla kifayətlənən şəxslər haqqında Quranın bu ayəsinə bənzər xəbərdaredici fikirlər söyləndiyinə rast gəlinir. Bir gün İmam Rza (ə) dostlarının birindən soruşur: “Camaat bu ayəni necə izah edir?” Orada olanlardan biri deyir: Bəziləri hesab edir ki, həmin oğlan Nuhun həqiqi oğlu olmamışdır. İmam buyurur: “Xeyr, belə deyil. O, şübhəsiz ki, Nuhun oğlu idi. Lakin Allahın əmrindən çıxdığı an Allah onunla atası arasında olan əlaqəni inkar etdi. Eləcə də bizdən olub, Allaha itaət etməyən şəxs bizdən deyil.”[26] Nuhun (ə) oğlu günah içində itib-batmışdı: Bəzən insan bir işi görəndə o qədər irəli gedir ki, həmin əməlin özünə çevrilir. Necə ki möminlərin əmiri İmam Əli (ə) ədalətin özü olmuşdur. Yəni İmam Əli (ə) ədalət içində elə qərq olmuşdu ki, sanki zatı ədalətin özünə çevrilmişdi. Nuhun (ə) oğlu da pis işlər görən insanlarla o qədər oturub-durmuş və çirkin əməllər və fikirlər içində elə itib-batmışdı ki, sanki bütün varlığı qeyri-saleh əmələ çevrilmişdi. “O, qeyri-saleh əməldir” cümləsi çox qısa və müxtəsər bir cümlə olsa da, Nuhun oğlu ilə bağlı mühüm bir həqiqəti əks etdirir. Nəticədə, cümlənin mənası sanki belə olur: “Ey Nuh, əgər oğlunun zülm və fəsadı səthi olsaydı, onun barəsindəki istəyini qəbul edərdim. Amma indi ki o, başdan-ayağa fəsad və günaha batıb, şəfaətə yer yoxdur.”[27] Allahdan bağışlanma diləyə-diləyə Ona təşəkkür etmək: Həzrət Nuhun (ə) “əgər məni bağışlamasan, mənə rəhm etməsən, ziyana uğrayanlardan olaram!” cümləsi zahirən tövbə təəssüratı bağışlasa da, daxilən ilahi təlim-tərbiyə nemətinə görə şükür məzmunu daşıyır. Nuh (ə) bu cümləsində Allaha diqqət və lütfkarlığına görə təşəkkür edir. Allah bu istəyi ilə Nuhun cahil və nadanlar zümrəsində yer almasının qarşısını alır və onu sapmadan xilas edir. Sanki Nuh (ə) belə demək istəyir: İlahi, şükür ki, rəhmət və mərhəmətini məndən əsirgəmədin və məni cahil və ziyankarlardan olmağa qoymadın[28]. Ad qövmünün yeddi il qıtlıq çəkməsi: “Göydən sizə davamlı yağış göndərsin” cümləsi Ad qövmünün quraqlıq və qıtlıqdan əziyyət çəkməsindən xəbər verir. Peyğəmbərləri onlara vəd verir ki, əgər iman gətirsələr, Allah onlara bol yağış göndərəcək. Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, Ad qövmü həzrət Huda (ə) iman gətirmədiyi, ona əziyyət verdiyi üçün yeddi il yağış üzünə həsrət qalır, quraqlıq və qıtlıqdan əziyyət çəkir[29]. Biz (sənin haqqında) ancaq onu deyə bilərik ki, bəzi tanrılarımız səni bəlaya düçar edib (ağlını başından alıb)”. (Hud) dedi: “Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şərik qoşduqlarınızdan uzağam. Ondan başqa (tapındıqlarınızın hamısından uzağam). Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də ver­­məyin. Mən Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etmişəm. Elə bir canlı yoxdur ki, ixtiyarı (Allahın) əlində olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (ədalətlidir). Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Rəbbim hər şeyi hifz edən və qoruyandır”. Əmrimiz yetişdikdə Hudu və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik və onları ağır bir əzabdan qurtardıq. Bu Ad qövmü idi! Onlar Rəbbinin ayələrini inkar etdi, Onun elçilərinə asi oldu və haqq düşməni olan hər zalımın əmrinə uydular. Onları həm bu dünyada, həm də Qiyamət günü lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. (Allahın rəhmətindən) uzaq olsun Hudun qövmü Ad! Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Sizi torpaqdan yaradıb onu abad etməyi sizə həvalə edən Odur. Ondan bağışlanma diləyin, sonra da Ona tərəf qayıdın ki, Rəbbim (bəndələrinə) ya­­xındır, (onların çağırışlarına) cavab verəndir”. Dedilər: “Ey Saleh! Sən bundan əvvəl bizim ümid yerimiz idin. Atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağan edirsən? Halbuki biz sənin bizləri dəvət etdiyin barəsində şübhə və tərəddüd içindəyik”. —————————————————————————————- Hər şeyin ixtiyarı Allahın əlindədir: “Nasiyə” (kəkil) saçın ön hissəsinə deyilir. “Kəkildən yapışmaq” deyilərkən nəyisə tamamilə təsir altına almaq nəzərdə tutulur. Həzrət Hud (ə) bu ifadəni Allah haqqında işlədərkən Onun qüdrətinin hər şeyi əhatə etdiyinə işarə etmək istəmişdir. O, elə bir qüdrət sahibidir ki, heç bir varlıq Onun iradəsi qarşısında müqavimət göstərə bilməz. İnsan və ya hər hansı heyvanın kəkilindən möhkəm yapışılarsa, müqavimət göstərməkdə acız qalar. Allah bu ifadədən ona görə istifadə edib ki, özlərini öyən təkəbbürlü insanlar və özlərindən razı olan bütpərəstlər meydanlarının bir neçə gün boş olduğunu görüb Allahın iradəsinə müqavimət göstərə biləcəklərini düşünməsinlər. Allahın əmri yetşidiyində heç bir müqavimət göstərmədən Ona təslim olacaqlar[30]. Kainatın ədalətlə idarə edilməsi: “Allahın düz yolda olması” deyilərkən Allahın yaranış aləmindəki sabit və dəyişməz qanunu, kainatı ədalət və hikmət üzrə idarə etməsi nəzərdə tutulur. Nəticədə, haqla batil qarşı-qarşıya gəldikdə Allah haqqı qoruyub batili məhv edir. Həzrət Hud (ə) bunu müşriklərə deyərkən Allahın ədalətli qanununun qəti və dəyişməz olduğunu, tezliklə dininə yardım edəcəyini, peyğəmbərini onların şərindən qoruyacağını, onları və batil inanclarını məhv edəcəyini nəzərdə tutmuşdur[31]. Bu dünyada Ad qövmünü təqib edən lənət: “Lənət”in mənası Allahın rəhmətindən uzaq olmaqdır. “Onları Qiyamətdə bir lənət izləyəcək” deyilərkən onların əbədi əzaba düçar olacaqlarının nəzərdə tutulması aydın məsələdir. “Onları bu dünyada lənət izləyəcək” cümləsnə gəlincə, bu barədə bir neçə ehtimal irəli sürülmüşdür: 1. Bu dünyada onların məhvinə səbəb olmuş əzab; 2. Dünyanın sonuna qədər insanların etdikləri günahlar onların hesabına yazılacaq. Çünki Nuhun tufanı sona çatdıqdan və yer üzü şirk və küfürdən təmizləndikdən sonra onlar yenidən küfür və şirkin əsasını qoydular, başqa sözlə desək, şirk və küfür ənənəsini yenidən yaydılar. Buna görə də dünya durduqca günah edənlərin günahına ortaq olacaqlar; 3. Dünyanın sonuna qədər onların vəziyyətindən, küfür və inadkarlıqlarından xəbərdar olan hər kəs onlara lənət yağdıracaq. Əlbəttə, bu üç ehtimal arasında ikincisi daha güclüdür[32]. “İsti’mar” sözünün mənası: “İsti’mar” yerin abadlaşdırılmasının kiməsə həvalə edilməsinə deyilir. Təbii ki, bunun üçün lazım olan vasitələrin onun ixtiyarına verilməsi şərtdir. Bu ifadə Səmud qövmü barəsində tamamilə yerinə düşür. Çünki onlar yamyaşıl və məhsuldar torpaqlara sahib idilər, əkinçilikdə yenilik etmiş, möhkəm binalar tikməkdə çox qabağa getmişdilər. Diqqət çəkən nüans budur ki, Allah-taala “yeri abad edib sizin ixtiyarınıza verdim” – deyil, “yer üzünü abadlaşdırmağı sizə həvalə etdim”, – deyə buyurmuşdur. Yəni bütün vasitələr ixtiyarınızdadır, siz səy və fəaliyyət göstərib yer üzünü abadlaşdırmalı, yerdə olan sərvətlərdən faydalanmalısınız. Səy və fəaliyyət göstərmədən heç nəyə nail olmayacaqsınız. Dövrümüzdə “isti’mar” sözünün mənası tamamilə dəyişmiş, Quranda nəzərdə tutulan mənanın tamamlə əksini ifadə etməyə başlamışdır. Bu söz artıq böyük siyasi və sənaye güclərin zəif və gücsüz xalqları istila etməsi, onları qarət etməsi, soyması, qanlarını sorması, həyat mənbələrini yağmalaması mənasında işlənir[33]. Dedi: “Ey qövmüm! Mənə deyin görüm, əgər mənim Rəbbimdən açıq-aydın bir dəlilim olsa, O da Öz tərəfindən mənə bir mərhəmət bəxş etsə, (Onun mənə həvalə etdiyi peyğəmbərlik vəzifəsindən boyun qaçıra bilərəmmi?) Əgər Ona itaətsizlik etsəm, Onun hüzurunda mənə kim yardım edə bilər? Sizin sözləriniz yalnız sizin ziyankar olmağınızla bağlı əminliyimi artırır. Ey qövmüm! Allahın bu dişi dəvəsi sizin üçün bir nişanədir. Qoyun Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa Allahın əzabı sizi yaxalayar”. Onlar dəvəni kəsdilər. (Saleh onlara) dedi: “Evlərinizdə üç gün də kef çəkin. Bu, yalan olmayan bir vəddir”. Əmrimiz yetişdikdə Salehi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə (əzabdan) və o günün rüsvayçılığından qurtardıq. Çünki Rəbbin qüvvətli və məğlubedlməzdir. Zülm edənləri isə qorxunc bir səs bürüdü və onlar öz evlərində üzüqoylu düşüb öldülər. Sanki heç o diyarın sakini olmamışdılar. Bilin ki, Səmud qövmü öz Rəbbini inkar etdi. (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü! Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Sa­­lam!”– dedi və çox çəkmədi ki, (onlara) qızardılmış bir buzov gətirdi. Əllərinin ona uzanmadığını gördükdə onlardan xoşlanmadı və canına qorxu düşdü. Ona dedilər: “Qorxma! Biz Lut qövmünə göndərilmişik”. Arvadı ayaq üstə durmuşdu, (sevincindən) güldü. Biz onu İshaqla, ardınca da Yaqubla müjdələdik. —————————————————————————————— Səmud qövmünün hekayəsi: İmam Sadiqin (ə) Əbu Bəsir adlı səhabəsi bir gün İmamdan “Səmud qövmü ilahi xəbərdarlıqları yalan saydı. Dedilər: “Biz özümüzdən olan bir adama tabe olaq?! Əgər belə etsək, onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!”(Qəmər surəsi, 23-24-cü ayələr) ayələri haqqında soruşduqda, İmam buyurur: “Bu ayələr Saleh peyğəmbəri yalançı hesab edən Səmud qövmü haqqındadır. Allah peyğəmbər göndərib bütün bəhanə qapılarını bağlamadan heç bir qövmü məhv etməz. Həzrət Saleh (ə) Səmud qövmünə peyğəmbər göndərildi. Lakin qövmü onu müsbət qarşılamadı, əmrlərindən boyun qaçırıb dedi: Sən dağdan bizim üçün qarnında balası olan dişi dəvə çıxarmayınca biz sənə əsla iman gətirmərik… Allah-taala onların istəyinə uyğun olaraq qayadan qarnında balası olan dişi bir dəvə çıxartdı. Bu, Salehin doğru danışdığını göstərən bir möcüzə idi. Sonra Allah Salehə (ə) vəhy edib: “Allah suyu sizinlə bu dəvə arasında bölüb. Su bir gün sizindir, bir gün bu dəvənin”, – deyə buyurdu. Dəvənin növbəsi çatanda o heyvan sudan içən kimi böyüklü-kiçikli hər kəs dərhal onun südünü içirdi. Gecə sona çatıb səhər açılanda camaat sudan içir, dəvə isə içmirdi. Bir müddət bu minvalla ötüb keçdi. Lakin onlar yenidən Allahın əmrinə itaətsizlik göstərdilər. Bir gün bir yerə toplaşıb dedilər: “Bu dəvəni öldürün, ayaqlarını kəsin. Biz suyun bir gün bizə, bir gün isə ona aid olmasına razı deyilik”. Sonra dedilər: “Kim onu öldürməyi boynuna götürər? Həmin adama nə istəsə verərik.” Üzünün rəngi qırmızı, saçlarının rəngi palıdı, gözlərinin rəngi göy, atası tanınmaz haramzadə, pisliyi ilə şöhrət tapmış Qəddar adlı bir kişi bu işi öz üzərinə götürdü. Camaat onun üçün mükafat da təyin etdi. Dəvə suya yaxınlaşdıqda Qəddar su içincəyə qədər ona fürsət verdi. Sudan tam doyub geri dönərkən qılıncla dəvəyə zərbə endirdi. Birinci zərbə nəticəsiz olduğu üçün ona ikinci zərbəni endirdi. Dəvə böyrü üstə yerə yıxıldı. Dəvənin balası dağa tərəf qaçdı, üç dəfə üzünü göyə tutub mələdi. Səmud camaatı axışıb gəldi, hər kəs dəvəyə bir zərbə vurdu. Dəvənin ətini aralarında bölüşdürdülər, böyüklü-kiçikli hər kəs dəvənin ətindən yedi. Saleh (ə) hadisədən xəbər tutduqda onların yanına getdi. Onlara: “Ay camaat, niyə belə etdiniz? Nə üçün Allahın əmrindən çıxdınız?” – dedi. Allah Salehə vəhy edib buyurdu: “Sənin qövmün zülm etdi, itaətdən boyun qaçırdı. Mənim dəlil göndərdiyim dişi bir dəvəni öldürdü. O dəvənin onlara heç bir zərəri yox idi. Əksinə, onlara çox böyük xeyri var idi. Qövmünə çatdır, üç günə qədər onlara möhlət verirəm. Əgər bu üç gün ərzində tövbə etsələr, tövbələrini qəbul edəcəyəm. Yox əgər tövbə etməsələr və çirkin işlərindən əl çəkməsələr, əzabımı onlara göndərəcəyəm.” Saleh (ə) qövmünün yanına gedib Allahın əmrini onlara çatdırdı. Ancaq onlar daha çirkin reaksiya verərək dedilər: “Ey Saleh, əgər doğru deyirsənsə, bizə vəd verdiyini gətir”. Saleh buyurdu: “Sabah səhər üzləriniz saralacaq. İkinci gün qızaracaq, üçüncü gün isə qaralacaq”. Elə də oldu. Həmin günün səhəri üzləri saraldı. Dərhal bir yerə toplaşdılar. Bəziləri dedi: “Salehin dediyi gerçəkləşdi.” Ancaq qövmün daha çox zülmkar olanları dedilər: “Əzab nə qədər böyük olsa da, biz Salehin sözlərini qəbul etməyəcəyik.” İkinci günün səhəri üzləri qızardı. Bir yerə toplaşıb: “Salehin dedikləri gerçəkləşdi” – dedilər. Yenə də azğınları dedilər: “Əgər hamımız həlak olsaq belə, Salehin sözlərini dinləməyəcəyik…” Nəticədə, tövbə etmədilər. Üçüncü gün yetişdyində hamısının üzünün rəngi qaraldı. Bu dəfə isə bir-birinə dedilər: “Salehin dediyi əzab gəlib çatdı.” Azğınlar ümidsizlik içində və məyus halda dedilər: “Salehin bizə dediyi yetişdi.” Gecə yarı olduğunda Cəbrail (ə) onlara doğru endi. Elə yüksək səslə bağırdı ki, səsin heybətindən onların qulaqlarının pərdəsi cırıldı, ürəkləri, ciyərləri tikə-tikə oldu… Həmin günün sabahısı yataqlarında cansız uzandıqları halda, Allah göydən odlu bir gurultu göndərib hamısını yandırdı.”[34] Dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Doğrusu, bu, çox təəccüblü bir şeydir!” Dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Bu, Allahın sizin ev əhlinə olan rəhmət və bərəkətidir. O, tərifəlayiqdir, ucadır! İbrahimin qorxusu çəkildikdə və müjdə ona yetişdikdə Lut tayfası barəsində Bizimlə mübahisə etməyə başladı. Çünki İbrahim dözümlü, ürəyiyanan, təvəkkül edən bir adam idi. Ey İbrahim! Bundan (istəyindən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara qarşısıalınmaz qəti bir əzab gəlir. Elçilərimiz (əzab mələkləri) Lutun yanına gəldikləri zaman narahat oldu, ürəyi sıxıldı və: “Bu gün çətin bir gündür!” – dedi. Tayfası tələsik (Lutun) yanına gəldi. Onlar əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. (Onlarla ailə qurun və çirkinlikdən uzaq olun.) Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağılı başında, başa düşən bir adam yoxdur?” Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz olmadığını bilirsən. Nə istədiyimizi də yaxşı bilirsən!” (Lut) dedi: “Kaş sizə qarşı bir gücüm, qüvvəm olaydı, ya da möhkəm bir dayağım, söykənəcəyim olaydı!” (Əzab mələkləri) dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar sənə əsla toxunmayacaqlar. Gecənin bir vaxtında ailəni (bu şəhərdən) apar. Heç biriniz arxasına baxmasın. Təkcə övrətin istisnadır. Onların düçar olduğu əzaba o da düçar olacaq. Onların vaxtı səhərdir. Səhər yaxın deyilmi?” ———————————————————————————— Allahın İbrahim (ə) və ailəsinə qarşı olan xüsusi lütfü: İbrahimin (ə) arvadı Allahın istəyi ilə övlad sahibi olacağını eşitdikdə təəccüblənir. Allahın elçiləri onun bu təəccübünə dərhal son qoyur, Allahın onlara bəxş etdiyi qeyri-adi nemətləri, Allahın möcüzəli şəkildə onları təhlükələrdən necə xilas etdiyini, Allahın İbrahimi zalım Nəmrudun əlindən qurtardığını, odun ortasında salamat saxladığını, bütsındıran İbrahimə təkbaşına bütün zalımlara qarşı çıxacaq qüdrət və əzmkarlıq verdiyini xatırladır və həmin Allahın ixtiyar yaşında bu ailəyə bir övlad lütf etmək istədiyini xəbər verirlər. Əlbəttə, Allahın bu rəhmət və bərəkəti həmin günlə bitmirdi. Allahın bu ailəyə bəxş etdiyi bərəkət davam etmiş və etməkdədir. Allahın İbrahmin (ə) ailəsinə lütf etdiyi İslam Peyğəmbəri (s) və məsum imamların (Allahın salamı olsun onların hamısına) varlığından böyük hansı nemət ola bilər?[35] Tərifəlayiq və uca Allah: Bu iki xüsusiyyətin qeyd edilməsi əvvəlki cümlənin məzmununu sübuta yetirmək üçündür. “Həmid” tərifəlayiq işlər görən şəxsə deyilir. Bu ad Allahın Öz bəndələrinə saysız-hesabsız nemətlər verdiyini, bəndələrinin də bu nemətlər qarşısında ibadət etməli olduğunu göstərir. “Məcid” nemətə layiq olmaq üçün bir iş görülmədiyi halda nemət verən şəxsə deyilir. Bu cür xüsusiyyətlərə malik olan Allahın peyğəmbər ailəsinə belə bir nemət verməsi təəccüblü ola bilərmi?[36] Həlim, ürəyiyanan və təvəkkül edən peyğəmbər: “Həlim” cəza və intiqama tələsməyən adama deyilir. “Əvvah” çətinlikləri və bəlaları gördükdə daha çox sızıldayan adama deyilir. “Münib” hər bir işdə Allaha üz tutan şəxsə deyilir. Bu ayədə İbrahmin (ə) mələklərlə Lutun (ə) qövmü barəsində mübahisə etməsinin səbəbi bəyan edilir. Əslində, İbrahim (ə) zalımlara əzab verilməsinə görə narahat deyildi, heç onların tərəfini də tutmurdu. Sadəcə, o, həlim və hövsələli bir adam idi, əzabın zalımlara tez endirilməsini istəmir, Allahın köməyi ilə islah olacaqlarına ümid edirdi. Habelə, o, insanların haqq yoldan sapması və məhv olmasına görə çox narahat idi. İnsanların azğınlıqdan xilas olması üçün Allaha üz tutur, Ondan yardım istəyirdi[37]. Paklığı, təmizliyi özlərinə layiq bilməyənlər: Təəccüblüsü budur ki, Lutun (ə) qövmü onun qızlarına rəğbətləri olmadığını, ümumiyyətlə bu işin onlara aid olmadığını bildirərək etiraz edirdi. Bu cümlə onların son dərəcə azğın olduğunu, pak, təmiz, imanlı qızlarla evlənməyə razı olmadıqları halda, cinsi azğınlığı özlərinə layiq biləcək qədər çirkin, haqqı batil, batili haqq hesab edəcək qədər mənfur bir cəmiyyətə çevrildiklərini göstərir. Günaha adət etmənin və ona öyrəşmənin ən son həddi budur ki, günaha aludə olanlar ən çirkin və ən utancverici əməlləri özlərinə layiq bildikləri halda, ən təmiz cinsi münasibəti yanlış əməl hesab edirlər[38]. Mehdi (ə) və səhabələri; Lutun arzusu: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Burada “güc və qüvvə” deyilərkən Mühəmmədin (s) ailəsinin Qaimi (ə), “möhkəm dayaq və söykənəcək” deyilərkən onun 313 nəfər səhabəsi nəzərdə tutulmuşdur.” Lutun o dövrdə belə bir şəxsin və silahdaşların zühurunu arzu etməsi təəccüblü görünə bilər. Ancaq Quranın ayələrinin təfsirini ehtiva edən hədislərlə tanış olduqda onların çoxunun ümumi qanunun ayrı-ayrı nümunələrə tətbiq olduğu aydın olur. Əslində, Lut İmam Mehdinin (ə) zühurundan sonra cahanşümul ilahi hökumət quracaq qətiyyətli, qərarlı, mənəvi və fiziki cəhətdən güclü kişilərin olmasını, onlarla birlikdə qiyam etməyi, bu ilahi gücə söykənərək fəsad və azğınlıqla mübarizəyə qalxmağı, bu cür həyasız insanları əzib məhv etməyi arzulamışdır[39]. Əmrimiz yetişdiyində oranı alt-üst etdik və üzərinə daş leysanı yağdırdıq. (O daşlara) Rəbbinin dərgahında əlamət qoyulmuşdu. O, (başqa) zalımlardan də uzaq deyil! Mədyən əhlinə də qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi xeyir-bərəkət içində görürəm. Ancaq sizi bürüyəcək bir günün əzabından qorxuram! Ey qövmüm! Ölçüdə və çəkidə ədalətə tam riayət edin. Camaatın malını əskiltməyin və haqlarını kəsməyin. Yer üzündə fitnə-fəsad törətməyə çalışmayın! Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha yaxşıdır. Mən də sizə nəzarətçi deyiləm!” Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın tapındığını tərk etməyimizi, mallarımızla istədiyimiz kimi davranmamağı sənə namazınmı əmr edir? Sən ki, həlim və ağıllı adamsan!” Dedi: “Ey qövmüm! Bir mənə deyin görüm, əgər Rəbbim tərəfindən aşkar bir dəlilim olsa və mənə gözəl bir ruzi versə (mən Onun əmrinə qarşı çıxa bilərəmmi)? Mən sizi çəkindirdiyimə özüm əsla bulaşmaq istəmirəm. Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim uğurum yalnız Allahdandır. Ona təvəkkül etdim və Onun hüzuruna dönəcəyəm! ————————————————————————————— Homoseksuallığın günahının böyüklüyü: Bu ayədə zalımlar deyilərkən Məkkə zalımları və ya Peyğəmbər (s) zamanının müşrikləri nəzərdə tutulmuşdur. Buna görə də ayənin mənası belə olur: Bu cür daş yağışının yağması Məkkə zalımlarından da uzaq deyil. Ayənin mənası belə də ola bilər: Lut qövmünün alt-üst etdiyimiz şəhərləri İslam peyğəmbərinin (s) qövmünün zalımlarından uzaq deyil. Həmin şəhərlər Məkkə ilə Şamın arasında (indiki Suriyada) yerləşir. Onlar bu şəhərlərin yanından keçib gedirdilər. “Hicr” surəsinin 76-cı ayəsində belə deyilir: “Onların yurdlarının xarabalıqları onların get-gəl etdikləri yolun üzərindədir.” “Saffat” surəsinin 137-138-ci ayələrində belə buyurulmuşdur: “Siz həmişə səhərlər onların yanından keçirsiniz. Habelə axşamlar. Düşünmürsünüzmü?” Bəlkə də bu ayə bütün zalımlar üçün bir təhdiddir. Yəni hər bir zalım Lutun (ə) qövmünün başına gələn əzaba düçar ola bilər. İmam Baqir (ə) bir hədisində belə buyurmuşdur: “Peyğəmbər ümmətindən Lut qövmünün çirkin günahına bulaşmış şəxslər də bu zalımlardandır.”[40] Homoseksuallıq istər qadınlarda olsun, istərsə də kişilərdə, İslama görə çox böyük günahlardandır. İslam öndərlərinin bu günahın pisliyindən bəhs edən çoxlu sayda hədislərini oxuduqda az sayda günahın bu dərəcədə çirkin ola biləcəyinin şahidi oluruq. İslam peyğəmbərinin hədislərinin birində belə deyilir: “Lut qövmü o utancverici əməlləri etdiyi zaman yer elə ağlayırdı ki, göz yaşları göylərə çatırdı, göylər elə ağlayırdı ki, göz yaşları ərşə çatırdı. Nəhayət, Allah göyə daş yağdırmasını, yerə isə onları udmasını əmr etdi.” Təbii ki, yer və göyün ağlaması bənzətmə və simvolik səciyyə daşıyır. Peyğəmbərin başqa bir hədisində belə deyilir: “Yeniyetmə oğlan ilə cinsi əlaqədə olan şəxs Qiyamət günü Məhşərə dünya sularının əsla pak edə bilməyəcəyi cənabətli halda gətirilər. Allah ona qəzəb və lənət edər, Cəhənnəmi onun üçün hazırlayar. Ora necə də pis yerdir!” Sonra buyurmuşdur: “Kişi cinsindən olan şəxs öz həmcinsi ilə cinsi əlaqədə olanda bu utancverici əmələ görə Allahın ərşi titrəyir.”[41] Allahın saxladığı: “Bəqiyyətullah” (Allahın saxladığı) ifadəsi halal və az miqdarın faydalı olduğunu çatdırır. Allahın əmri ilə olduğu üçün qalıcıdır. Ya da halal qazanc ilahi nemətlərin və bərəkətlərin davamlı olmasına səbəb olduğu üçün bu ifadədən istifadə edilmişdir. Sözügedən ifadə ilə bəlkə də dünya və dünyadakıların fani olub aradan getməsinə baxmayaraq, mənəvi mükafatların əbədi olaraq qalacağına işarə edilmişdir. Hədislərdə “bəqiyyətullah” ifadəsinin İmam Mehdi (ə) və bəzi başqa imamlara aid olduğu qeyd edilmişdir. İmam Mühəmməd Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Qiyam etdikdən sonra Qaimin deyəcəyi ilk cümlə bu ayə olacaq: “Əgər möminsinizsə, Allahın saxladığı sizin üçün daha yaxşıdır.” Sonra deyəcək: “Mən Allahın saxladığı, aranızdakı xəlifəsi və dəliliyəm. Hər kəs ona yalnız: “Salam olsun sənə ey Allahın yer üzündə saxladığı”, – deyə salam verəcək.” Yaddan çıxarmamalıyıq ki, Quran ayələri xüsusi bir hadisə üçün nazil olsa da, ümumi məna daşıyır, zaman-zaman digər nümunələrə də tətbiq edilə bilər. Nəzər nöqtəsi olan ayənin xitab obyekti Şüeybin qövmü olsa da, “Allahın saxladığı” deyilərkən halal mənfəət və sərmayə və ilahi nemətlər nəzərdə tutulsa da, Allah tərəfindən insanlar üçün qorunub saxlanmış, xeyir, bərəkət və xoşbəxtlik səbəbi olacaq bütün faydalı varlıqlar “Allahın saxladığı” hesab edilə bilər. Bütün peyğəmbərlər və böyük öndərlər Allahın saxladığıdır. Ciddi bir düşmənlə mübarizə apardıqdan sonra bir xalq, bir millətin sağ qalmış həqiqi rəhbəri Allahın saxladığı hesab edilir. Müharibə meydanında qalib gəlmiş mübariz əsgərlər də Allahın saxladıqlarıdır. Vəd olunmuş Mehdi (ə) də İslam peyğəmbərinin (s) qiyamından sonra sonuncu imam və ən böyük inqilab rəhbəri, xüsusilə peyğəmbərlər və imamların (Allahın salamı olsun onların hamısına) yeganə qalan varisi olduğu üçün “Allahın saxladığı” ifadəsinin ən parlaq nümunəsi və bu ləqəbin ən layiqli daşıyıcısıdır[42]. Ey qövmüm! Mənimlə olan ixtilaf və düşmənçiliyiniz Nuhun, Hudun, ya da Salehin qövmünün başına gələnlərin sizin də başınıza gəlməsinə səbəb olmasın. Lut qövmü sizdən elə də uzaq deyildir”. Rəbbinizdən bağışlanma diləyin, Ona doğru qayıdın. Rəbbim rəhimlidir, (tövbəkar bəndələrini) sevəndir. Dedilər: “Ey Şueyb! Söylədiklərinin çoxunu anlamırıq və biz səni aramızda zəif görürük. Əgər kiçik qəbilən olma­­saydı, səni daşqalaq edərdik. Bizim qarşımızda sənin heç bir gücün yoxdur.” Dedi: “Ey qövmüm! Məgər mənim kiçik qəbiləm sizin üçün Allahdan da qüdrətlidir ki, siz Ona saymazlıq edib arxa çevirirsiniz? Rəbbim sizin nə etdiklərinizi əhatə edir (bilir). Ey qövmüm! Əlinizdən gələni edin, mən də öz işimi görəcəyəm. Rüsvayedici əzabın kimə gələcəyini və kimin yalançı olduğunu tezliklə biləcəksiniz. Siz gözləyin, mən də sizinlə birlikdə gözləyirəm”. Əmrimiz yetişdiyində Şueybi və onunla birlikdə iman gətirənləri Öz mərhəmətimizlə xilas etdik. Zülm edənləri isə qorxunc səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb öldülər. Sanki heç oranın sakinləri olmamışdılar. Səmud qövmü (Allahın rəhmətindən) uzaq olduğu kimi, Mədyən də uzaq olsun! Biz Musanı ayələrimizlə və aydın bir dəlillə göndərdik… Firon və onun tərəfdarlarına. Ancaq onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri inkişaf və xilas səbəbi deyildi. —————————————————————————————– Şüeybin (ə) qövmünün yaşadığı dövrlə Lutun (ə) qövmünün yaşadığı dövrün yaxınlığı: Bu ayədə Şüeybin (ə) qövmü ilə Lutun (ə) qövmünün zaman baxımından yaxınlığı nəzərdə tutulmuşdur. Quran ayələrindən belə məlum olur ki, həzrət Şüeyb (ə) həzrət Musa (ə) ilə eyni dövrdə yaşamışdır. Həzrət Lut (ə) isə həzrət İbarihimin (ə) müasiri olmuşdur. Bu iki ulul-əzm peyğəmbər arasındakı zaman fasiləsi isə üç əsrdən az olmuşdur. Deməli, Şüeybin (ə) qövmü ilə Lutun (ə) qövmünün yaşadığı dövrlər arasında üç əsrdən az vaxt olmuşdur[43]. Sevən Allah: “Vədud” Allahın adlarından biridir. “Vədud” sevən və sevgisini gördüyü işlərlə büruzə verən şəxsə deylir. Allah sevəndir, yəni yaratdıqlarını və bəndələrini sevir, bəndələrinə layiq gördüyü saysız-hesabsız nemətlərlə sevgisini aşkar edir. Allah-taala Quranda belə buyurmuşdur: “Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz.” (İbrahim surəsi, 34-cü ayə)[44]. Nə üçün Şüeybin qövmü onu zəif hesab edirdi? İslam peyğəmbəri (s) buyurmuşdur: “Şüeyb Allaha olan sevgisindən o qədər ağlamışdı ki, gözləri kor olmuşdu”. İmam Əli (ə) buyurmuşdur: “Şüeyb kor olduğu üçün qövmü onu zəif hesab edrdi.” Sonra buyurmuşdur: “Heç bir şəriki olmayan Allaha and olsun ki, Rəblərinin əzəmətindən qorxmurdular. Öz qohum və qəbilələrindən başqa heç nədən qorxuları yox idi.”[45] Şüeybin (ə) mənəvi məqamı: Şüeyb (ə) Allahın əziz peyğəmbərlərindən olmuşdur. Allah-taala onu Quranda təriflədiyi digər peyğəmbərlərlə yanaşı tərifləmişdir. Quranda Şüeyb əmanətdar və islahatçı peyğəmbər kimi təqdim edilmişdir. Şüeyb (ə) özü də özünü salehlərdən biri kimi təqdim edir və Allah onun bu xüsusiyyətdə olduğunu təsdiq edir. Şüeybin (ə) mənəvi şəxsiyyətinin çox yüksək olduğunu İmran oğlu Musanın (ə) on ilə yaxın ona xidmət göstərməsi təsdiq edir. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Şüeyb Allaha olan sevgisindən o qədər ağladı ki, gözləri kor oldu. Allah gözlərini ona yenidən qaytarıb buyurdu: “Ey Şüeyb, bu ağlamaq nə üçündür? Cənnətə getmək istəyindəndir, yoxsa Cəhənnəm qorxusundan?” Şüeyb dedi: “Xeyr, Sənin sevgini qəlbən qəbul etmişəm. Qəbimin gözü ilə Sənə baxanda mənimlə necə davranacağının mənim üçün heç bir əhəmiyyəti yoxdur.” Bu vaxt Allah ona vəhy edib buyurdu: “Ey Şüeyb, əgər bu sözün doğrudursa, görüşüm sənə mübarək olsun. Ey Şüeyb, bu ixlas və sevginə görədir ki, İmran oğlu Musanı sənə xidmətçi verdim.”[46] Qiyamət günü o, qövmünün qabağına düşüb onları oda daxil edəcək. Daxil olacaqları yer necə də pis yerdir! Onları həm bu dünyada, həm də Qiyamət günü lənət izləyir. Onlara verilən pay necə də pisdir! Bu, sənə haqlarında danışdığımız şəhər və kəndlərin hekayələrindəndir. Onların bəzisi (indi də) qalır, bəzisi isə yerlə-yeksan olub. Biz onlara zülm etmədik, onlar özləri-özlərinə zülm etdilər. Rəbbinin əzab əmri yetişdiyində Allahdan başqa çağırdıqları məbudlar onlara kömək etmədi, əksinə, onların ancaq zərər və ziyanlarını artırdı. Zülm və haqsızlıq edən şəhər və kəndlərə əzab göndərərkən Rəbbinin əzabı belə olur. Onun əzabı ağrılı-acılı və şiddətlidir. Axirət gününün əzabından qorxanlar üçün bunda bir əlamət vardır. Bu, insanların bir yerə toplanacağı və hamının ona şahid olacağı bir gündür. Biz onu (Qiyaməti) sadəcə, müəyyən olunmuş vaxtadək təxirə salmışıq. (Qiyamət) gəlib çatdığı gün Allahın izni olmadan heç kəs danışmayacaq. Bir dəstə bədbəxt, bir dəstə xoşbəxtdir. Bədbəxt olanlar oddadır. Onlar orada fəryad qoparacaq, ah-nalə edəcəklər. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlara gəldikdə isə, onlar Cənnətdə əbədi qalacaqlar. Onlar – Rəbbinin istədiyi istisna olmaqla – göylər və yer durduqca orada əbədi qalacaqlar. (Bu,) tükənməz bir bəxşişdir. ————————————————————————————— Aşkar olan şeyin sözlə ifadəsinə nə ehtiyacı var? Bəzi təfsirçilər hesab edirlər ki, ümumiyyətlə, Qiyamət günü danışmağa ehtiyac olmayacaq. Çünki danışmaq başqalarının fikirləri ilə tanış olmaq və ya öz fikrlərimizi başqalarına çatdırmaq üçün istifadə etdiyimz bir vasitədir. Əgər başqa bir vasitə ilə qarşı tərəfinin fikirlərini öyrənmək mümkündürsə, danışmağa ehtiyac yoxdur. Buna görə də Qiyamətdə insanların bütün sirləri aşkara çıxacağı üçün daha danışmağa ehtiyac olmayacaq. Əgər danışacaqlarsa, bu, onların öz sirlərini izhar etmələri üçün deyil, bir növ orada aşkara çıxacaq əməllərinin əks olması üçündür. Orada danışmaq eynilə dünyadakı kimi olmayacaq, yəni insan istədiyi kimi yalan və ya doğru danışa bilməyəcək. Qiyamət həqiqətlərin aşkar olduğu, qeybin aşkara çıxdığı, bu dünya ilə heç bir bənzərliyi olmayan bir gündür[47]. Əbədi Cənnət və Cəhənnəm: Bu və sonrakı ayədə iki məsələ daha çox diqqət tələb edir: 1. Quran ayələri və məsumların hədislərindən belə başa düşülür ki, Qiyamət günü Cənnətə daxil olanlar orada əbədi qalacaq, bəzi cəhənnəmliklər də Cəhənnəmdə həmişəlik qalacaqlar. Bu və sonrakı ayədə də “Rəbbinin istədiyi istisna olmaqla” bədbəxt insanların Cəhənnəmdə əbədi qalacağı və “Rəbbinin istədiyi istisna olmaqla” xoşbəxtlərin Cənnətdə əbədi qalacağı qeyd edilmişdir. Təfsirçilər ayələrdə qeyd olunan istisnalar haqqında müxtəlif izahlar vermişlər. Bu izahlar arasında daha ağlabatanı bütün cəhənnəmliklərin orada qalmayacağı fikridir. Belə ki, bəziləri ilahi əfv və ilahi övliyaların şəfaəti ilə Cəhənnəmdən azad olacaq, qalanları isə böyük və bağışlanılmaz günahlar etdikləri üçün ilahi əfvə layiq olmayıb əbədi olaraq Cəhənnəmdə qalacaqlar. Buna görə də ayənin sonunda Allah-taala “Rəbbin istədiyini edəndir”, – deyə buyurmuşdur. Bu cümlədən belə başa düşülür ki, bəzi cəhənnəmliklər Allahın istəyi ilə oradan azad olacaqlar. Lakin cənnətliklər Cənnətə daxil olduqdan sonra həmişəlik olaraq orada qalacaq və heç vaxt oradan çıxmayacaqlar. Sonrakı ayədə Allah-taala “Rəbbinin istədiyi istisna olmaqla” – deyə buyurmaqla başa salmaq istəyir ki, Cənnət əhli Cənnətdə Allahın istəyi ilə qalacaq. Əgər Allah istəsə, onları Cənnətdən xaric edər, lakin bunu etməyəcək. Buna görə də Allah növbəti ayənin sonunda “(bu,) tükənməz bir bəxşişdir”, – deyə buyurmuşdur (Hud surəsi, 8-ci ayə). İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Cəhənnəm sakinlərindən bir dəstəsi Cəhənnəmdən xaric olub ilahi şəfaətə nail olacaq. Sonra onları bir çayın kənarına aparacaqlar… Onlar orada yuyunacaqlar. Nəticədə, ətləri və qanları yenilənəcək, Cəhənnəmin yanığının izləri bədənlərindən təmizlənəcək. Bundan sonra Cənnətə daxil ediləcəklər. Cənnət sakinləri onları gördükdə “cəhənnəmliklər gəldi” deyəcəklər. Buna görə də onlar bu adın onların üzərindən götürülməsini istəyəcək və Allah da bu adı onların üzərindən götürəcək.” Ardınca İmam (ə) buyurmuşdur: “Əlinin düşmənləri odda həmişəlik qalacaqlar, onlar şəfaətdən məhrum olacaqlar.”; 2. “Göylər və yer durduqca”. Ortaya belə bir sual çıxır: Quranda dəfələrlə Qiyamət ərəfəsində göylərin və yerin məhv olacağı qeyd edilmişdir. Belə olduğu təqdirdə Cənnət və Cəhənnəmin, eyni zamanda onların sakinlərinin əbədiliyi yer və göylərin mövcudluğu ilə necə şərtləndirilə bilər? Qeyd etməliyik ki, Quranda Qiyamət ərəfəsində yer və göylərin tamamilə məhv olacağı, Qiyamətdə yer və göyün olmaması deyil, mövcud nizam-intzamın dəyişəcəyi və onların başqa göylərə və yerə çevriləcəyi bildirilmişdir. (İbrahm surəsi, 48-ci ayə; Zümər surəsi, 74-cü ayə.) Quranın başqa ayələrindən yer və göylərin həmişəlik qalacağı, onlar olduqca Cənnət və Cəhənnəm əhlinin də olacağı başa düşülür[48]. Onların ibadət etdiyi məbudlara (həmin məbudların batil olmasına) şübhə etmə. Onlar bu məbudlara atalarının əvvəllər ibadət etdiyi kimi ibadət edirlər. Biz onların nəsibini əskiltmədən tam verəcəyik. Biz Musaya səmavi kitab verdik. Sonra onun barəsində ixtilaf düşdü. Əgər Rəbbinin əzəli fərmanı olma­­saydı, aralarında dərhal hökm verilərdi. Onlar (hələ) şək-şübhə içindədirlər. Rəbbin hər birinin əməllərini onlara əskiltmədən verəcəkdir. Allah onların nə etdiklərindən xəbərdardır. Sən də, səninlə birlikdə Allaha doğru gələnlər də sənə əmr edildiyi kimi, möhkəm olun. Həddi aşmayın. O, sizin etdiklərinizi görür. Zalımlara arxalanma, yoxsa odun sizi bürüməsinə səbəb olar. O halda sizin Allahdan başqa heç bir vəli və himayədarınız olmayacaq. Sonra sizə kömək olunmaz. Gündüzün iki başında (əvvəlində və sonunda) və gecənin əvvəllərndə namaz qıl! Çünki yaxşı işlər pis əməlləri yuyub aparır. Bu, xatırlayanlar üçün bir xatırlatmadır. Səbir et! Allah yaxşı iş görənlərin mükafatını puça çıxarmaz. Nə üçün sizdən əvvəlki dövrlərdə yer üzündə fitnə-fəsadın qarşısını ala biləcək gücə malik alimlər olmamışdır? Onlardan yalnız xilas etdiyimiz az bir qismi istisnadır. Zalımlar dünyanın ləz­­zətlərinə uyub günahkar oldular. Rəbbin, əhalisi islah olunmağa və düzəlməyə niyyətlənmiş məmləkətləri haqsız yerə məhv etməz. —————————————————————————————– Quranın ən çətin göstərişi: İbn Abbasa istinad edilən məlumatda Peyğəmbərə (s) bundan çətin və ağır bir ayə göndərilmədiyi qeyd edilmişdir. Buna görə də səhabələri ondan: “Nə üçün belə tez qocaldın?” – deyə soruşduqlarında, buyurmuşdu: “Hud və Vaqiə surələri məni qocaltdı”. Deyilənə görə, bu ayə nazil olanda Peyğəmbər (s) buyurmuşdur: “Hazır olun, hazır olun, çünki çalışmaq vaxtıdır.” Ondan sonra Peyğəmbər (s) heç gülməmişdir. Bu ayənin Peyğəmbərə (s) ağır gələn ən mühüm tərəfi “möhkəm ol” əmri olmuşdur. Ayədə təbliğat və və təşviqat yolunda möhkəm olmaq, ilahi vəzifələrin və Quran təlimatlarının yerinə yetirilməsində yalnız Allah üçün və Onun buyurduğu kimi möhkəm olmaq əmri verilmişdir. Qalib gəlmək asandır, ancaq onu qoruyub saxlamaq çətindir[49]. Zalımlara arxalanmayın: Bu ayədə ictimai, siyasi, hərbi və dini proqramlardan birinə işarə edilmişdir. Sözügedən proqramın əsası zalımlara etimad göstərilməməsi əmrindən ibarətdir. Zalımlara arxalanmaq çoxlu fəsadlara yol açır. Digər tərəfdən, onların güclənməsinə, onların güclənməsi isə cəmiyyətdə günah və fitnə-fəsadın yayılmasına səbəb olur. Zalımlara arxalanmaq cəmiyyətin fikir mədəniyyətinə tədricən təsir göstərir, günah və zülmün çirkinliyi təsəvvürünün ortadan qalxmasına səbəb olur, insanları zülm etməyə, zülmkar olmağa təşviq edir. Başqalarına bağlılıq formasında təzahür edən etimadın nəticəsi yalnız bədbəxtlik olduğu halda, bu etimadın mənbəyi zalım və zülmkar olarsa, vəziyyət daha acınacaqlı olar. Yalnız o cəmiyyəti mütərəqqi və inkşaf etmiş cəmiyyət hesab etmək olar ki, öz-özünü təmin edə bilsin və digər cəmiyyətlərlə olan əlaqəsi zəif və güclü prinsipinə deyil, qarşılıqlı maraqlara əsaslansın. Zəif və güclü prinsipinə əsaslanan bağlılıq istənilən halda, əsarət və istismarla nəticələnir. Əgər əlaqə və bağlılıq tərəfi zalım olarsa, zülmdə ortaqlıq və zalımın proqramlarında iştirakla nəticələnəcək[50]. Günün iki başında və gecənin əvvəllərində namaz qılmaq: Əhli-beyt (ə) hədislərindən belə qənaətə gəlirik ki, gündüzün iki başının namazı deyilərkən sübh və məğrib namazları, gecənin əvvəllərinin namazı deyilərkən isə işa namazı nəzərdə tutulmuşdur. Ayənin nəzər nöqtəsi olan cümləsində bu üç namaza işarə edilmişdir[51]. Namaz günahları yuyur: Əbu Osman adlı bir nəfərə istinad edilən hədisdə deyilir: “Salman Farsi ilə bir ağacın altında oturmuşduq. O, qurumuş bir budaqdan tutub bütün yarpaqları tökülənə qədər onu silkələdi. Sonra üzünü mənə tutub dedi: Nə üçün belə etdiyimi soruşmadın. Soruşdum: Niyə belə etdin? Dedi: Peyğəmbər (s) də bir dəfə eynilə belə etmişdi. Bir gün onunla bir ağacın altında oturmuşduq. Peyğəmbər (s) eynilə bu cür edib dedi: “Salman, nə üçün belə etdiyimi soruşmursan?” Mən: “Nə üçün etdiniz?” – deyə soruşduqda, buyurdu: “Müsəlmanlar dəstəmaz alıb beş namazı bütün şərtləri ilə yerinə yetirdiklərində günahları bu ağacın yarpaqları kimi tökülür.” Sonra bu ayəni oxudu.”[52] Cəmiyyətin korlanma səbəbi: Hər bir cəmiyyətdə zülm və fəsad olur. Mühüm olan cəhət budur ki, cəmiyyət zülm və fəsad olduğunu hiss edib onu aradan qaldırmağa səy göstərsin. Belə bir hiss olduğu və onun aradan qaldırılması istiqamətində addımlar atıldığı təqdirdə Allah bu cəmiyyətə möhlət verir, yaranış qanunu onların həyatda qalmasını tələb edir. Lakin bu hiss aradan qalxdığında, cəmiyyət günahlara laqeyd olduğunda, fitnə-fəsad sürətlə hər tərəfi bürüdüyündə artıq bu cəmyyət yaşayış haqqından məhrum olur. Məsələn, insanın bədəni mikroblara, xəstəliklərə və sairəyə qarşı mübarzə aparmaq gücündə olduğu və özünü müdafiə edə biləcəyi vaxta qədər yaşaya bilər. Lakin bədən mikroblar qarşısındakı müqavimətini itirdiyində tezliklə xəstələnir və həyatı sona yetir. Əgər insan cəmiyyətinin müdafiəçi qüvvəsi, yəni alimləri və ziyalıları zülm və haqsızlığa qarşı mübarizəyə qalxmasa, fitnə-fəsadın qarşısını almasa, bir müddətdən sonra bütün cəmiyyət fitnə-fəsada bulaşacaq, xəstə və ölü bir cəmiyyətə çevriləcək[53]. Əgər Rəbbin istəsəydi, bütün insanları vahid bir ümmət edərdi. Amma onlar hələ də ixtilafdadırlar. Yalnız Rəbbinin rəhm etdiyi şəxslər istisnadır. Onları bunun (rəhməti qəbul etmək) üçün yaratdı. Rəbbinin: “Mən Cəhənnəmi bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” fərmanı qətiləşdi. Ürəyini rahatlamaq və iradəni möhkəmləndirməkdən ötrü peyğəmbərlərin başına gələn bütün hadisələri sənə danışırıq. Bunda sənin üçün həqiqət, möminlər üçün isə öyüd-nəsihət və xatırlatma var. İman gətirməyənlərə de: “Əlinizdən gələni edin, biz də edəcəyik. Gözləyin! Biz də gözləyirik”. Göylərin və yerin qeybi Allaha aiddir. Bütün işlər də Ona qaytarılacaqdır. Elə isə Ona ibadət et və Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən əsla xəbərsiz deyildir. [1] Nümunə, c.9, səh.3 [2] Nümunə, c.9, səh.10 [3] Əl-Mizan, c.10 ,səh.136 [4] Təfsiri-mövzui, c.1, səh.174 [5] Nümunə, c.9 ,səh.15; Əl-Mizan, c.10, səh.170 [6] Nümunə, c.9, səh.26 [7] Əl-Mizan, c.10, səh.167 və 173 [8] Nümunə, c.9, səh.51; Əl-Mizan, c.10, səh.175 və 177 [9] Əl-Mizan, c.10, səh.185 [10] Nümunə, c.9, səh.63; Əl-Mizan, c.10, səh.181 [11] Əl-Mizan, c.10, səh.183 [12] Nümunə, c.9, səh.66 [13] Əl-Mizan, c.10, səh.188 [14] Nümunə, c.9, səh.71 [15] Əl-Mizan, c.10, səh.200 [16] Nümunə, c.9, səh.78 [17] Nümunə, c.9, səh.90 [18] Nümunə, c.9, səh.94 [19] Əl-Mizan, c.10, səh.233 [20] Əl-Mizan, c.10, səh.215 [21] Əl-Mizan, c.10, səh.233 [22] Nümunə, c.9, səh.103 [23] Əl-Mizan, c.10, səh.234 [24] Nümunə, c.9, səh.109 [25] Əl-Mizan, c.10, səh.220 [26] Nümunə, c.9, səh.118 [27] Nümunə, c.9, səh.116 [28] Əl-Mizan, c.10, səh.228 [29] Əl-Mizan, c.10, səh.294 [30] Nümunə, c.9, səh.138 [31] Əl-Mizan, c.10, səh.291 [32] Əl-Mizan, c.10, səh.293 [33] Nümunə, c.9, səh.150 [34] Əl-Mizan, c.10, səh.302 [35] Nümunə, c.9, səh.173 [36] Nümunə, c.9, səh.174 [37] Əl-Mizan, c.10, səh.314 [38] Nümunə, c.6, səh.184 [39] Nümunə, c.9, səh.185 [40] Əl-Mizan, c.10, səh.332 [41] Nümunə, c.9, səh.192 [42] Nümunə, c.9, səh.203 [43] Əl-Mizan, c.10, səh.361 [44] Əl-Mizan, c.10, səh.362 [45] Biharül-ənvar, c12, səh.380; Əl-Mizan, c.10, səh.365 [46] Əl-Mizan, c.10, səh.365 [47] Əl-Mizan, c.11, səh.10 [48] Əl-Mizan, c.11, səh.23; Nümunə, c.9, səh.239 [49] Nümunə, c.9, səh.258 [50] Nümunə, c.9, səh.259 [51] Nümunə, c.9, səh.265 [52] Əl-Mizan, c.11, səh.69 [53] Nümunə, c.9, səh.275

QURANI KƏRIM 25.12.2024

“Yunus” surəsi

“Yunus” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Ra. Bunlar möhkəm və hikmətli kitabın ayələridir! İçərilərindən bir adama: “İnsanları (küfr və günahın nəticələri ilə) qorxut, iman gətirənlərə Rəbləri yanında gözəl mükafat olduğunu müjdə ver!” – deyə vəhy etməyimiz xalqa təəccüblümü gəldi ki, kafirlər: “Bu kişi açıq-aşkar bir sehrbazdır!” dedilər. Rəbbiniz göyləri və yeri altı gündə (altı mərhələdə) yaradan, sonra (dünyanı) hökmü altına alıb idarə edən Allahdır. Onun izni olmadan heç bir şəfaət edən olmaz. Budur Rəbbiniz olan Allah. Ona ibadət edin. Xatırlayan adam olmaq istəmirsinizmi? Hamınızın dönüşü Onadır. Allah haqq vəd verib. O, məxluqu yoxdan var edir, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün yenidən qaytarır. Kafirləri etdikləri küfrlərə görə qaynar su və şiddətli bir əzab gözləyir! Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları yalnız haqq olaraq yaratdı. O, ayələrini anlayanlara izah edər! Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan (və həqiqətləri görən) bir tayfa üçün dəlillər (əlamətlər) var. ———————————————————————————– “Yunus” surəsinin ümumi məzmunu: Bu surə də Məkkədə nazil olmuş bir çox surələr kimi, başda yaradılış və məad mövzuları olmaqla, bir neçə əsas və fundamental mövzunu əhatə etmişdir. Surənin əvvəlində vəhydən və peyğəmbərlik məqamından söz açılır, sonra Allahın əzəmətindən xəbər verən yaranış əlamətlərindən danışılır, dünyanın maddi həyatının keçəri olması, axirət dünyasına daha çox diqqət ayrılmasının zəruriliyi xatırlanır, insanlara iman və yaxşı əməllər vasitəsilə axirətə hazır olmaları tövsiyə edilir. Sözügedən mövzulara uyğun olaraq böyük peyğəmbərlərin, o cümlədən Nuh, Musa və Yunis (Allahın salamı olsun onların hər üçünə) peyğəmbərin həyatının müxtəlif yönlərindən fraqmentlər qeyd edilir, mövzuları daha da qətiləşdirmək üçün bütpərəstlərin inadkarlıqlarından danışılır, Allahın hər yerdə hazır olması xatırlanır. Xüsusilə sonda qeyd edilən mövzunun sübutu üçün çətinliklərlə qarşılaşdıqları zaman onların fitrətlərinin özünü necə büruzə verməsi və tək olan Allahı xatırlamalarından danışılır. Qeyd olunan mövzuların təkmilləşdirilməsi üçün uyğun məqamlarda yaxşı işlər görmüş əməlisaleh bəndələrə gözəl aqibət müjdəsi verilir, günahkarlar acı sonluqla təhdid edilir[1]. “Qadəmu sidq”[2]: Bu ifadə ilə bağlı üç fikir mövcuddur: 1. İman fitri keçmişə əsaslanır. Əslində, möminlər öz imanlarını büruzə verməklə fitrətlərinin istəklərini təsdiq etmiş olurlar. 2. Qayıdış və axirət nemətlərinə işarədir. Çünki “qadəm” sözünün mənalarından biri məqam və mövqedir. Yəni möminlərin Allah dərgahında qəti və dəyişməz məqamları var. 3. “Qadəm”in mənası öndər və rəhbərdir. Yəni mömin bəndələrə sadiq öndər və rəhbərlər göndərilmişdir. Quran təfsirlərində bu ayədə “qadəmə sidqin” deyilərkən Peyğəmbər (s) və ya həzrət Əlinin (ə) öndərliyinin nəzərdə tutulduğu qeyd edilən hədislər də bu mənanı təsdiq edir[3]. Ehtimal ki, bu hədislərdə möminlər və İmam Əlinin (ə) öndərliyinə etiqadı olan insanlara Allah Rəsulu (s) tərəfindən şəfaət ediləcəyi nəzərdə tutulmuşdur[4]. Yer və göyün altı günə yaranması: “Gün” sözü ərəb dilində, elə digər dillərdə də çox vaxt “dövr” mənasında işlənir. Məs: Gün var idi, ölkəmizdə diktatura hökm sürürdü, indi azadlığa çıxmışıq. Yəni diktatura dövrü var idi. Diktatura dövrü sona yetdikdən sonra insanların azadlıq dövrü başladı[5]. Daha çox məlumat almaq üçün bax: “Əraf” surəsi, 54-cü ayə. Ərş: Ərş sözü bəzən dam, bəzən damı olan bir vasitə, bəzən də uca, əzəmətli taxt və kürsü mənasında işlənir. Bunlar ərş sözünün həqiqi mənasıdır. Bu söz məcazi olaraq qüdrət mənasını ifadə edir. Məs: Filankəs taxta çıxdı. Filankəs taxtdan düşdü və taxtdan salındı. Bu cümlələrdə iqtidar, güc, qüdrəti ələ almaq, hökmranlıq və iqtidardan, hakimiyyətdən salınma nəzərdə tutulur. Bu cümlələrdə taxt sözünün həqiqi mənası, ümumiyyətlə, nəzərdə tutulmaya bilər. Eyni aspektdən “Allah taxtda qərarlaşdı” deyilərkən Allahın dünyanı idarə etməsi və hökmranlığı altına alması nəzərdə tutulur[6]. Ay, dəqiq təqvim: Ay nazik hilal olduğu gündən başlayaraq ayın ortasına qədər böyüyür. Həmin gündən sonra isə ayın sonuna bir, ya iki günlük vaxt qalana qədər kiçilməkdə davam edir və daha sonra qaranlıqda itir. Sonra yenidən hilal şəklində görünür və əvvəlki mənzilləri qət edir. Bu dəyişmə əbəs deyil, savadlı və savadsız olmasından asılı olmayaraq, hər kəsin oxuya biləcəyi, iş və fəaliyyətlərinin tarixini müəyyən etmək və fəaliyyətlərinə nəzarət edə bilmək üçün istifadə etdiyi çox dəqiq və canlı bir təbii təqvimdir. Bu, ayın bəhrələndiyimiz nurundan əlavə faydasıdır[7]. Bizimlə görüşəcəklərinə (və Qiyamət gününə) inanmayanlar, dünya həyatından razı qalıb ona bel bağlayanlar və ayələrimizdən xəbərsiz olanların – onların (hamısının) etdikləri əməllərə görə yeri Oddur. İman gətirib layiqli işlər görənləri Rəbləri imanları sayəsində yönləndirər. Cənnət bağlarında onların (qəsrlərinin) altından çaylar axar. Onların Cənnətdəki danışıqları (və duaları): “Allahım! Sən pak və müqəddəssən!”, orada salamlaşması: “Salam!” və sözlərinin sonu: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!” olacaq. Əgər insanlar xeyir əldə etmək üçün tələsdikləri kimi, Allah da onları cəzalandırmağa tələssəydi, (tezliklə) ömürləri sona yetərdi (tamamilə məhv olardılar). Bizimlə görüşəcəklərinə inamı olmayanları azğınlıqları içində itib-batmaları üçün tərk edərik. İnsana bir sıxıntı üz verdikdə Bizi uzananda da, oturanda da, ayaq üstə olanda da çağırar. Bu sıxıntını ondan uzaqlaşdırdıqdan sonra elə gedər ki, sanki sıxıntının həlli üçün Bizi heç çağırmamışdı. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. Biz sizdən əvvəlki ümmətləri peyğəmbərlərinin aydın dəlillər gətirməsinə baxmayaraq, iman gətirmədikləri və zülm etdikləri üçün məhv etdik. Biz günahkarları belə cəzalandırırıq. Sonra onların ardınca sizi yer üzündə onların xələfləri etdik ki, görək siz necə davranacaqsınız. ————————————————————————————– Dünya qısa və aldadıcıdır: Sözün əsl mənasında dünyandan əl çəkmiş, dünyanın bər-bəzəyinin əsla aldada bilmədiyi İmam Əli (ə) qısa və aldadıcı dünya haqqında belə buyurmuşdur: “Sizi nəfsani istəklərin haləsi ilə, şirin və təravətli görünən dünya ilə ehtiyatlı olmağa çağırıram. Özünü nağd olması ilə sevdirir, az malını sizin gözünüzdə gözəl göstərir, özünü arzular paltarında cilvələndirir, yalanla bəzəyir, sevinci və neməti davamlı deyil, dərd-qəmindən yaxa qurtarmaq olmur, çox aldadıcı, incidici, rəngdən rəngə düşən, ölümlü, sonlu, xarab olan, acgöz, adam öldürəndir… Dünyaya etibar edib dünya tərəfindən məyus edilən çox adam olub, dünyaya etimad göstərib dünya tərəfindən yerə çırpılan çox adam olub. Çox əzəmətli insanları xar edib, çox şövkətli insanları qiymətdən salıb… Özünüz üçün seçdyiniz, inandığınız, tamahında olduğunuz budur? Ona qarşı şübhə ilə baxmayan, təhlükəsindən qorxmayan üçün pis saraydır. Bilin, necə ki bilirsiniz, dünyadan köçəcək, onu tərk edəcəksiniz.”[8] Cənnət sakinlərinin Cənnətdəki üç ləzzəti: Bu ayədə Cənnət sakinlərinin üç halından, üç böyük nemətindən və üç ləzzətindən söz açılmışdır. Birinci zövq halı Allahın zatı və sifətlərinin onların varlıqlarını nura qərq etdiyi vaxta aiddir. Bu, heç bir ləzzətlə müqayisə edilə bilməyəcək bir ləzzətdir. Onlar həmin vaxt deyəcəklər: “Allahım! Sən pak və müqəddəssən!” İkinci zövq halı sülh və səfa dolu, hər kəsin bir-biri ilə anlaşdığı bir mühitdə möminlərin bir-biri ilə qarşılaşdığı vaxta aiddir. Cənnət sakinləri qarşılaşdıqları zaman səfa və səmimiyyət dolu sözlərlə ünsiyyət quracaqlar: “Orada salamlaşması: “Salam!” olacaq”. Üçüncü zövq halı rəngarəng Cənnət nemətlərinin onlara bəxş etdiyi zövqə aiddir. Bu nemətlər onların Allaha olan diqqətini daha da artıracaq. Onlar Cənnət nemətlərindən istifadə etdikcə təriflər yağdıracaqlar: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[9] Peyğəmbərin (s) hədislərinin birində belə deyilir: Cənnət sakinləri bir şey istədikdə: “Allahım! Sən pak və müqəddəssən!”- deyəcəklər. Bunu deyən kimi istəklərini dilə gətirmədikləri, bunun üçün göstəriş vermədikləri halda, xidmətçilər istədiklərini onlar üçün hazır edəcəklər. Yeyib-içmək başa çatdıqdan sonra Allaha həmd edəcək, şəninə təriflər deyəcəklər: “Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[10] Allah əzab verməyə tələsmir: Bu ayəni şərh edərkən təfsirçilər insanın təbiətən tələskən olduğunu, xeyrinə olan şeyə tez çatmaq istəyən, bütün səbəblərin əl-ələ verib istəklərini çox sürətlə reallaşdırmasını arzulayan bir varlıq olduğunu yazırlar. Əslində, o, bunları Allahdan istəyir. Çünki bütün səbəblər Allahın əlindədir, səbəblər səbəbi Odur. İnsanın bu təbiəti nəfsani istəklərindən qaynaqlanır. Ancaq varlıq sistemi, onun nizam-intizamı insanın nəfsani istəklərinin xaricindədir. Əgər Allah-taalanın əşyaların yaranması və səbəb-nəticə sistemindəki qanunu insanların qanunlarına bənzəsəydi, cəhl və nadanlığa əsaslansaydı, o zaman Allah insanları çox sürətlə əzaba düçar etməli idi. Belə ki, qayıdış və dirçəlişi inkar edən azğın şəxs əzaba layiqdir. Lakin Allah insanlara əzab verməyə tələsmir, sınanmaları üçün dünyada onlara bir müddət möhlət verir. Çünki dünya cəza və mükafat deyil, imtahan və sınaq yeridir[11]. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə görüşəcəklərinə (və Qiyamətə) inanmayanlar: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir (və bütləri məzəmmət edən ayələrini çıxar)!” – deyərlər. Onlara de: “Mənim onu özbaşına dəyişmək səlahiyyətim yoxdur. Mən ancaq mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimin itaətindən boyun qaçırsam, böyük günün əzabından qorxaram”. De: “Əgər Allah istəsəydi, mən bu ayələri sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Bundan əvvəl mən uzun illər sizin aranızda yaşadım (heç bir ayə gətirmədim). Məgər başa düşmürsünüz?” Allahın adından yalan danışan, Onun ayələrini yalan hesab edən adamdan daha zülmkar kim ola bilər? Şübhəsiz ki, günahkarlar xilas olmayacaqlar! Onlar Allahı qoyub onlara nə bir xeyir, nə də bir zərər verən bütlərə ibadət edir və: “Bunlar bizim Allah yanındakı şəfaətçilərimizdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə bilmədiyi bir şey haqqındamı xəbər verirsiniz? Allah Ona tay və bərabər tutulan bütlərdən uzaqdır və ucadır!” İnsanlar (başlanğıcda) tək bir ümmət idilər. Sonra ayrıldılar. Əgər Rəbbin tərəfindən öncədən (onların dərhal cəzalandırılması ilə bağlı) bir əmr olmasaydı, ixtilafda olduqları məsələlər barəsində dərhal hökm verilər (sonra da hamısı cəzalandırılardı). Deyirlər: “Nə üçün Rəbbi tərəfindən ona bir möcüzə göndərilmir?” De: “Qeyb (möcüzələr) yalnız Allaha məxsusdur (və Onun əmri ilədir). Siz gözləyin, mən də sizinlə birlikdə gözləyirəm! (Siz bəhanə möcüzələr gözləyin, mən də sizin cəzalandırılmanızı gözləyim.)” ——————————————————————————— 15-17. Müşriklər və başqa bir Quran tələbi: Bu ayənin bəhs etdiyi şəxslər bütpərəstlik, zülm, haqsızlıq, fəsad və günah canlarına-qanlarına qarışmış insanlardır. Quranda bütün bunlar qadağan edilmişdir. Buna görə də onların bütün inanclarını və çirkin əməllərini inkar edən ayələri qəbul edə bilmirdilər. Nəticədə, Peyğəmbərə (s) “elə bir Quran gətir ki, bütpərəstliyi, günah və fəsadı qadağan etməsin və ya elə ayələrlə əvəz et ki, bizi şirk, fəsad və günahdan çəkindirməsin”, – deyə etraz edirdilər. Onlar Peyğəmbəri (s) sanki bir şair və ya hekayətçi yerinə qoyur, zövqlərini oxşamayan, xoşlarına gəlməyən bir şeir və hekayə olduqda xoşlarına gəlməyən hissələrinin çıxarılmasını, əvəzinə xoşladıqları məzmunların salınmasını istəyən şeir və hekayə dinləyiciləri kimi, Peyğəmbərdən (s) eyni şeyləri istəyirdilər. Allah peyğəmbərinə onlara belə deməsini göstəriş verir: “Mən özümdən heç nə danışmıram, nə deyirəmsə, Allah tərəfindən gələn vəhydir. Uzun illər sizin aranızda oldum, belə sözlər danışmadım. Bu özü söylədiyim ayələrin vəhy olduğunu göstərən bir dəlildir. Əgər mən Allahın adından yalan danışsam, başqa bir Quran gətirsəm və ya onda dəyişiklik aparsam, insanların ən zülmkarı olaram. Çünki insanların ən zülmkarı Allahın adından yalan danışanlardır.”[12] İslam düşmənləri Quranla mübarizədə üç mərhələ adlamışdılar. Birinci mərhələdə Quran ayələrinə qarşı elmi mübarizəyə qalxmış, ortaya Quran maarifi ilə bağlı şübhə doğuracaq fikirlər atmış, lakin heç bir nəticə hasil etməmişdlər. Növbəti mərhələdə elmi mübarizəyə Qurandan kənar müstəvidə qalxmış, Allah kitabına qarşı  ona bənzəyən bir kitab, on surə və ya heç olmasa bir ayə təqdim etməyə çalışmış, bütünlərini bu mənfur məqsəd üçün səfərbər etmişdilər. Lakin bunun da heç bir faydası olmamışdı. Sonrakı mərhələdə Peyğəmbərin (s) öz əli ilə Quranda ixtisarlar aparmağa və ona əlavələr etməyə, Peyğəmbəri iftiraya təhrik etməyə çalışmışdılar. Ancaq bu cəhdlər də uğursuz olmuşdu. Bu ayədə həmin mübarizə mərhələsinə işarə edilmiş, Quranın izzət və hikmətinin dinə hücum çəkmiş düşmənlərin bütün elmi və əməli səylərinin, hiylə və kələklərinin, zor-güclərinin puça çıxmasına səbəb olduğu diqqətlə çatdırılmışdır[13]. Bütlərin şəfaət edəcəyinə inanmaq: Bu inanc bütpərəstlərin əsas stimullaşdırıcı etiqadlarından biri olmuşdur. Tarixi mənbələrin yazdığına görə, ərəb başçılarından olmuş Əmir ibn Ləhiyy Şamın mədən sularından istifadə etmək və müalicə almaq üçün oraya gedir. Həmin yerin bütpərəstləri onun diqqətini cəlb edirlər. Bu ibadətin səbəbini onlardan soruşduqda ona deyirlər: Bu bütlər yağışın yağmasına, problemlərin həll olmasına, Allah yanında şəfaət olunmağa səbəb olur. Əslində, xurafatçı olan bu adam onların sözlərinin təsiri altına düşür, özü ilə Hicaza aparmaq üçün onlardan bir neçə büt istəyir. Hicaz əhalisi arasında bütpərəstlik məhz bundan sonra yayılmağa başlayır[14]. Bütpərəstlər Qiyamət gününə, ümumiyyətlə, inanmadıqları üçün bütlərin şəfaətçi olduğunu deyərkən onların Qiyamətdə deyil, dünya işlərində vasitəçi olduğunu nəzərdə tuturdular[15]. Peyğəmbərdən (s) qeyri-adi möcüzələr istənilməsi: “Ayə” (möcüzə) sözü ümumi məna daşıyıb bütün növ möcüzələri ehtiva etsə də, əldə olan məlumatlar onların Peyğəmbəri tanımaq üçün deyil, təklif xarakterli möcüzələr istədiklərindən xəbər verir. Yəni oturduqqları yerdə ağıllarına nə gəlirdisə, onu Peyğəmbərə təklif edir və Peyğəmbərin də onların dediklərini yerinə yetirəcəyini gözləyirdilər. Sanki Peyğəmbəri bütün möcüzələrin açarını əlində tutmuş və hər gün kiminsə gəlib ona möcüzə təklif edəcəyini gözləyən işsiz-gücsüz bir adam hesab edirdilər. Ancaq möcüzənin Allahın işi olmasından, yalnız Onun əmri ilə baş verdiyindən, digər tərəfdən, möcüzənin Peyğəmbərin tanınması, insanların hidayət olunması, bir formasının belə, bunun üçün kifayət edəcəyindən xəbərsiz idilər. Bundan başqa, Peyğəmbər (s) Qurandan əlavə onlara kifayət qədər möcüzə göstərmişdi. Onların təklifləri macəra marağından başqa bir şey deyildi[16]. İnsanlara üz verən sıxıntıdan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik edirlər. De: “Allah sizdən daha tez hiylə qurar (tədbir tökər)”. Elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar. Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, onlar da içindəkiləri uyğun bir küləklə (məqsədə doğru) apar­­dığı və onlar sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər tərəfdən onların üzərinə gələr, həlak olacaqlarını güman edərlər. Bu vaxt Allahı ixlasla çağırıb deyərlər: “Əgər bizi bu bəladan xilas etsən, əlbəttə, şükür edənlərdən olacağıq”. Allah onları xilas etdikdə isə (yenə də) haqsızcasına yer üzündə zülm, haqsızlıq edirlər. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq öz ziyanınızadır. Dünya həyatından (faydalanırsınız). Sonra dönüşünüz Bizə doğrudur. Biz etdikləriniz barədə sizə xəbər verəcəyik. Dünya həyatı göydən endirdiyimiz və ardınca yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilərin bitdiyi suya bənzəyir. Nəhayət, yer öz bərbəzəyinə bürünüb süsləndiyi və sakinləri də ondan faydalana biləcəklərindən əmin olduqları zaman (qəfildən) gecə, yaxud gündüz əmrimiz yetişər və onu sanki dünən heç nə olmamış kimi, biçərik. Ayələrimizi düşünən insanlara belə izah edirik. Allah əmin-amanlıq yurduna dəvət edir və istədiyini (layiq gördüyünü) doğru yola yönəldir. ———————————————————————————– Allahın lütfkarlığı qarşısında insanın naşükürlüyü: Bu ayədə Allahın lütfkarlığı və mərhəməti qarşısında insanların çoxunun naşükür olması kimi ümumi bir mövzuya işarə edilmişdir. Sıxıntı və çətinliklərdən sonra Allah insana, hətta layiq olmadığı lütfkarlığı və mərhəməti göstərdiyi halda, o, şükür və təşəkkür yerinə Allahın ayələrinə qarşı hiyləgərlik edir. Əvvəlki ayələrdə bu hiylə və kələklərin bariz nümunəsinə işarə edildi. Bu, müşriklərin Quran ayələrinə qarşı olan hiylələri idi. Onlar bu nemət qarşısında: “Bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” (Yunus surəsi, 15-ci ayə), ya da “nə üçün Rəbbi tərəfindən ona bir möcüzə göndərilmir?” (Yunus surəsi, 20-ci ayə) deyirdilər. Bununla da Quranın möcüzə olmadığına eyham vurub, Allahın ayələrinə qarşı hiylə və kələk işlədirdilər[17]. Onlar Allahın möcüzələri, bəla və nemətləri ilə qarşılaşdıqda qəbuledilməz yozumlara əl atır, qaçmaq üçün yol axtarırdılar. Məsələn, bəla və müsibət üz verdikdə bunu bütlərin qəzəbinin əlaməti kimi qələmə verir, əmin-amanlığı onların sevgi və şəfqətinin əlaməti, ya da təsadüf hesab edirdilər. Allahın tədbiri deyilərkən Allahın gizli olub gözlənilmədən, çox sürətlə üz verən bəlaları nəzərdə tutulur. Bəzən elə olur ki, Allah-taala günahkarları bir-biri ilə bəlaya düçar edir. Təbii ki, hər kəsdən qüdrətli olanın, maneələri dəf etməkdə hər kəsdən güclü olanın plan və tədbirləri daha sürətlidir. Başqa sözlə desək, cəzalandırmaq istədiyi şəxsi cəzalandırar. Halbuki Ondan qeyri heç kəs bu xüsusiyyətə malik deyil[18]. Zülm, haqsızlıq və onun sürətli nəticələri: İmam Sadq (ə) hədislərinin birində: “Üç şey var ki, nəticəsi onu edənə qayıdır: əhd pozmaq, zülm və hiylə”, – deyə buyurmuş, sonra bu ayəni oxumuşdur: “Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq öz ziyanınızadır”. Başqa bir hədisində isə belə buyurmuşdur: “Ən sürətli müsibət zülm və haqsızlığın cəzasıdır”. Allahın Rəsulu (s) hədislərinin birində belə buyurmuşdur: “(Fərz edin) əgər bir dağ başqa bir dağa zülm etsə, sonda parça-parça olacaq”[19]. 24-25. Dünya dəyişkən bir yurd, Cənnət isə əmin-amanlıq yurdudur: Quran bu iki ayədə dünyanın qeyri-sabit və dəyişkən olmasını gözəl bir misalla bəyan edir. Ağaclari, otlari, bitkiləri bar gətirmiş, başdan-başa hər guşəsi həyat bəxş edən bir bağ təsəvvür edin. Bir qaranlıq gecə və ya günəşli bir gün qəfildən qara buludlar göy üzünü alır, göy guruldayır, ildırım çaxır, tufan qopur, dolu və leysan yağmağa başlayır və həmin bağı yerlə yeksan edir. Səhərisi gün o bağı görməyə getdiyində ağacların sındığını, bitkilərin solduğunu, darmadağın olduğunu, hər şeyin torpaq üzərinə səpələndiyini görürsən. Elə vəziyyətdə olur ki, dünənki yamyaşıl və tərvaətli bağ olduğuna inana bilmirsən. İnsanların həyat macərası da belədir. Xüsusilə, yaşadığımız bu dövrdə bəzən bir zəlzələnin və ya bir neçə saatlıq bir müharibənin abad və əmin-aman bir şəhəri viran qoyduğunun, yerində xarabalıq, tikə-tikə olmuş cəsədlərdən başqa bir şey qalmadığının şahidi oluruq. Belə bir dəyişkən həyata sevinənlər necə də qəflətdədirlər! Cənnətdə isə maddi dünaynın soyğunçu keşməkeşlərindən, Allahı unutmuş sərvət sahiblərinin axmaq iğtişaşlarından, müharibə, qan tökülməsi, imperializm və müstəmləkədən heç bir əsər-əlamət yoxdur. Bütün bu məzmun “əmin-amanlıq yurdu” ifadəsində cəm olub. Əgər bu dünya həyatı tövhid və ilahi rəngə boyanarsa, bu da əmin-amanlıq yurduna çevrilər, qasırğa bəlasına məruz qalmış bağ vəziyyətindən xilas olar[20]. Yaxşı işlər görənlər üçün yaxşı mükafat və ondan da artığı var. Onların üzünü qaranlıq və zillət örtməz. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! Günah qazananlara günahları qədər cəza verilər. Üzlərini zillət və xarlıq örtər. Onları Allahdan (Allahın əzabından) heç nə qurtara bilməz. Üzləri (o qədər qara olar ki,) sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, orada əbədi qalacaqlar! O gün onların hamısını bir yerə toplayacaq, sonra müşriklərə: “Siz də, məbudlarınız da yerinizdə durun!” – deyəcək və onları bir-birindən ayıracağıq. Məbudları onlara deyəcək: “Siz bizə ibadət etmirdiniz. Sizinlə bizim aramızda Allahın şahid olması yetər. Həqqətən, biz sizin ibadətinizdən xəbərsiz idik!” Orada hər kəs daha öncə gördüyü işin təcrübə edəcək və hamılıqla öz həqiqi ixtiyar sahibi və himayədarları olan Allaha doğru qaytarılacaqlar. Özlərindən uydurub Allaha tay tutduqları məhv olacaq. De: “Sizə göydən və yerdən kim ruzi verir? Qulaq və gözlərin sahibi (və yaradıcısı) kimdir? Ölüdən diri, diridən ölü çıxardan kimdir? İşləri yoluna qoyan, nizam-intizama salan kimdir?” Dərhal, “Allahdır!” – deyə cavab verərlər. De: “Bəs nə üçün Allahdan qorxmursunuz?” Sizin həqiqi Rəbbiniz olan Allah Odur. Elə isə haqdan sonra zəlalətdən başqa nə qalır?! Nə üçün (Ona ibadət etməkdən) üz çevirirsiniz?” Rəbbinin fasiqlərin iman gətirməyəcəkləri ilə bağlı fərmanı belə qətiləşir. ————————————————————————————- 26. “Yaxşı mükafat və daha çox” ifadələrinin mənası: Əllamə Təbatəbai “yaxşı işlər görənlər üçün yaxşı mükafat və ondan da artığı var” ayəsini izah edərkən iki ehtimal irəli sürmüşdür. Birincisi, Allah-taala hər bir yaxşı iş üçün həmin əməlin öz mislində mükafat təyin etmişdir. Daha sonra əməl edənin ləyaqətindən asılı olaraq, bu əməlin mükafatını ona bərabər və ya ondan artıq edir. Allah-taala Quranda belə buyurmuşdur: “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər”[21], “(Allah) iman gətirənlərin və yaxşı işlər görənlərin mükafatlarını tam verəcək, üstəlik, Öz nemətindən onlar üçün (bir qədər) artıracaqdır.”[22]. İkinci ehtimal budur ki, “yaxşı mükafat” deyilərkən yaxşı aqibət və insanın “yaxşı” sözündən dərk etdiyi məna nəzərdə tutulur. “Daha artıq” deyilərkən insanın Allahın lütfkarlığından başa düşüb dərk etdiyindən artığı nəzərdə tutulur. Belə ki, “Səcdə” surəsinin 17-ci ayəsində belə buyurulmuşdur: “Etdikləri əməllərin mükafatı olaraq gözlərə işıq gəlməsinə səbəb olan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!”, “Qaf” surəsinin 35-ci ayəsində isə belə buyurulmuşdur: “Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (heç kəsin təsəvvür belə edə bilmədiyi nemətlər) mövcuddur!”[23] Qiyamət – əməllərin qarşılığını dadmaq və əməllərin yoxlanılması: Bu ayədə Qiyamət günü insanların öz əməllərini yoxlayacağı buyurulur. Kal və ya yetişmiş olduğunun, habelə dadının müəyyən edilməsi üçün kənd təsərrüfatı məhsulu dadılmaqla yoxlanıldığı kimi, Qiyamətdə də insanın əməlləri təcrübə ediləcək. Şirin, yoxsa acı olduğunu bilmək üçün insan öz əməlini dadacaq. Bu dünyada şirin görünən çox əməllər var ki, o dünyada acı olacaq və əksinə. Hədislərin birində belə buyurulmuşdur: “Cənnət acılarla, Cəhənnəm nəfsani istəklərlə örtülmüşdür”. Buna görə də Quranda “orada hər kəs daha öncə gördüyü işi təcrübə edəcək”, – deyə buyurulmuşdur[24]. Gözlərin və qulaqların sahibi: İnsanın hissləri Allahın ixtiyarındadır, onlar Allahın hakimiyyəti altındadır. Hiss üzvləri arasında göz və qulağın qeyd edilməsi digər hiss üzvləri ilə müqayisədə bu iki hiss üzvünün insan həyatında daha çox rol oynaması ilə bağlıdır. İnsan beş hiss üzvü vasitəsilə Allahın insanın ixtiyarına verdiyi imkanlardan faydalanır, istədiyi istiqamətə doğru hərəkət edir, xoşlamadığından uzaqlaşır. Allah-taala bu cümlə ilə hiss üzvlərinin Onun ixtiyarında olduğunu, onları istədiyi şəkildə idarə etdiyini, güclü və zəif yaratdığını xatırladır. Buna görə də bəzi insanların bu hiss üzvlərinin bəzisindən məhrum olduğunun və ya bəzilərində bu hisslərdən hansınınsa daha güclü olmasının şahidi oluruq[25]. Bəzən Allah-taala insanın bədən üzvləri üzərindəki nəzarətini ondan alır. Məhz elə buna görədir ki, ölərkən çox adama gözünü və ağzını bağlamağa da icazə vermir və onlar gözü və ağzı açıq halda can verirlər[26]. Həyat – mürəkkəb və sirli bir fenomen: Canlı varlığın cansızdan necə yaranması təbiət alimlərini hələ də heyrətdə qoyan mövzulardandır. Şübhəsiz ki, mürəkkəb, incə və sirli həyat hadisəsi qeyri-adi elm və qüdrətə, universal ağıla möhtacdır. O, ilk başlanğıcda yer üzünün canlı varlıqlarını cansızlarından yaratmaqla yanaşı, onlar üçün əbədi olmayan ömür təyin etmişdir. Buna görə də həyatı ölümlü etmiş, nəticədə də dəyişilmə və kamilləşmə üçün imkan yaratmışdır. Bu ayənin təfsiri ilə bağlı başqa bir ehtimal da irəli sürülmüşdür. O da bundan ibarətdir ki, burada maddi ölüm və həyatla yanaşı, mənəvi ölüm və həyat da nəzərdə tutulmuşdur. Çünki bəzən çirkin işlər görən, imansız və haqq yolda olmayan ata və anadan ağıllı, dərrakəli və təmiz insanlar törədiyini və əksini, yəni irsiyyət qanununun əksinə olaraq dəyərli ata və anadan dəyərsiz və ölü qəlbli insanların törədiyini görürük. Bu məzmuna Əhli-beyt (ə) hədislərində çox rast gəlirik[27]. De: “Heç məbudlarınızdan məxluqu yoxdan yaradıb sonra onu qaytaran biri varmı?” De: “Yalnız Allah məxluqu yoxdan yaradıb sonra onu qaytarır. Elə isə nə üçün üz döndərirsiniz?” De: “Heç məbudlarınızdan haqqa doğru yönəldən biri varmı?” De: “Yalnız Allah haqqa doğru yönəldir. Haqqa doğru yönəldən şəxs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən şəxs? Sizə nə olub? Necə mühakimə yürüdürsünüz?” Onların çoxu ancaq zənnə uyar, zənn isə (insanı) haqdan ehtiyacsız etməz (haqqa qovuşdurmaz). Şübhəsiz, Allah nə etdiklərindən xəbərdardır! İlahi vəhy olmadan bu Quranın Allaha aid edilməsi layiqli (və mümkün) deyil. Lakin o, özündən əvvəlkiləri (səmavi kitabları) təsdiq və ətraflı izah edəndir. Onda heç bir şübhə yoxdur, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Onlar: “O, Quranı yalandan Allaha isnad edir!” – deyirlər? De: “Əgər doğru deyirsinizsə, ona bənzər bir surə gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, onu da (köməyə) çağırın!” (Onu elmi dəlillərlə inkar etmədilər,) əslində, məlumatları olmadığı, həqiqəti onlara aydın olmayan bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də eyni şəkildə yalan hesab etmişdilər. Bir bax, zalımların axırı necə oldu! Onların bəzisi ona inanır, bəzisi isə inanmır. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır! Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə məxsusdur. Mənim etdiyim əməllərə siz nifrət edir, sizin etdiyiniz əməllərə (də) mən nifrət edirəm!” Onlardan bir qrupu səni dinləyir (ancaq sanki eşitmir və kardırlar). Anlamamalarına rəğmən, sən sözlərini karlara eşitdirə bilərsənmi?! ————————————————————————————– Arxasınca gedilməyə daha çox kim layiqdir? Bu ayədə Allahın dünyanı tək idarə etməsi və tövhid dəlillərindən biri bəyan edilmişdir. Deməli, fitrət və idrakının tələbi ilə insan bütün işlərdə haqqa tabe olmalıdır. Nəfsinə uyub səhvən haqdan uzaqlaşaraq nahaqqa tabe olan və əslində, nahaqqı haqq hesab edərək, nahaq yolda irəliləyən şəxsə cəza verildiyində üzrxahlıq edib özünü haqq davamçısı kimi göstərəcəkdir. Deməli, haqqa tabe olmaq hər bir halda lazımdır. Haqqa dəvət edən insanın dəvət və çağırışını qəbul etmək zərurdir. Çünki ona tabe olmaq haqqa tabe olmaq deməkdir. Əlbəttə, bu ayədə haqqa doğru yönəltmək deyilərkən təkcə yol göstərmək nəzərdə tutulmur. Çünki kimsə haqq yolu tanıyıb özü haqq yolda olmadığı halda, başqalarını bu yola dəvət edə bilər. Lakin “yolu göstərmək və məqsədə çatdırmaq” yalnız Allahın və Allahın heç bir vasitə olmadan haqq yola yönəltdiyi şəxslərin işidir. Onların dəvətinə tam şəkildə etimad göstərmək olar. Bu şəxslər yalnız peyğəmbərlər və imamlardır (Allahın salamı olsun onlara). Allah-taala bu ayədə müşriklərə “arxasınca gedilməyə daha çox həm yolu göstərən, həm də məqsədə çatdıran daha layiqdir, yoxsa haqq yola yönəltməyə əsla qüdrəti çatmayan, əksinə yönləndirilməyə ehtiyacı olan məbudlar?”- deyə sual ünvanlayır. Şübhəsiz ki, müşriklərin bu suala heç bir cavabı olmadığı üçün Peyğəmbərə (s) onların əvəzində “haqq yola yalnız Allah yönəldir”, – deyə cavab verməsini göstəriş verir[28]. Quranın universallığı: Allah-taala bu və başqa ayələrdə Quranı insan beyninin məhsulu hesab edən insanları Quran surələri kimi bir surə gətirməyə və bu vasitə ilə onların Quran surələrinə bənzər surə gətirə bilməyəcəklərini sübuta yetirmək, bu səmavi kitabın vəhy olduğunu çatdırmaq istədiyini bəyan edir. Burada diqqət yetirilməsi zəruri olan nüans Quranın təkcə fəsahət və bəlağət baxımdan misilsiz olduğunu çatdırmaq deyil. Fəsahət və bəlağət bəşəriyyəti onun qarşısında təvazökarlıq göstərməyə vadar edən misilsiz xüsusiyyətlərindən yalnız biridir. Quranın bəlkə də ən mühüm xüsusiyyətlərindən biri onun universallığıdır. Quranın ilahi maarifin əsas prinsiplərnə malik olması, ibadət hökmləri, mədəni, siyasi, iqtisadi və məhkəmə qanunlarındakı universallığı, onda yer alan əzəmətli əxlaq və gözəl ədəb nümunələri, keçmiş peyğəmbərlər və xalqların sərgüzəştləri, qeyb xəbərləri, mələklər, cinlər, yer və göylər haqqında verilən məlumatlar, verdiyi nəsihətlər, ümidlər və təhdidlər, yaranışın başlanğıcı və Allaha doğru qayıdış haqqında verilən məlumatlar, güclü dəlilləri, ruhlandırıcı, parlaq və yönləndirici bəyanı və s. bu kitabın Allah tərəfindən endirilməsi və insanın öz məhdud qüvvələri ilə onun bənzərini gətirə bilməyəcəyi ilə bağlı qəti əminlik yaradan cəhətlərdir[29]. Cahllik və nadanlıq haqla mübarizəyə təhrik edən mühüm amildir: Bu ayədən belə başa düşülür ki, haqla mübarizə, ona qarşı müxalifət və düşmənçiliyə səbəb olan ən mühüm amillər cahillik və nadanlıqdan qaynaqlanır. “Nadanlığın sonu küfrdür” deyimi də elə buradandır. Haqq axtarışında olan müsəlmanın ilk vəzifəsi bilmədiyi məsələdə susmaq, səbirli olmaq, axtarış aparmaq, bilmədiyi məsələni hərtərəfli araşdırmaq, qarşılaşdığı məsələni inkar etmək üçün qəti dəlil əldə etməyincə inkara qalxmamaq, habelə, qəti dəlil olmadan isbat yükünün altına girməməkdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala iki Quran ayəsi ilə bu ümmətə iki mühüm dərs vermişdir: Yalnız bildiklərini desinlər; bilmədiklərini inkar etməsinlər!” Sonra İmam “məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı?!”[30] və “əslində, məlumatları olmadığı bir şeyi yalan hesab etdilər”[31] ayələrini tilavət etmişdir. Yozum: Bax: “Ali-İmran” surəsinin 7-ci ayəsinin izahı. Onlardan bir qrupu sənə tərəf baxır (ancaq sanki heç görmür). Görməmələrinə baxmayaraq, sən korları doğru yola yönəldə bilərsənmi?! Allah insanlara heç zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! Allahın onları bir yerə toplayacağı gün(ü xatırla!) Sanki (dünyada) günün bir saatını və bir-birini görüb tanıyacaqları miqdar dayandıqlarını (hiss edəcəklər). Allahla görüşməni (və dirilməni) yalan hesab edənlər sözsüz ki, ziyana uğrayıb doğru yola yönəlmədilər. Onlara vəd etdiyimiz əzabın bir qismini sənə (dünyada) göstərsək də, yaxud (onlar əzaba düçar olmazdan əvvəl) səni dünyadan aparsaq da, istənilən halda, onların axır dönüşü Bizədir. Allah onların nə etdiklərinə şahiddir! Hər ümmətin bir peyğəmbəri vardır. Peyğəmbərləri onlara gəldiyi zaman aralarında ədalətlə hökm olunar və onlara zülm edilməz! “Əgər düz deyirsənsə, (bir xəbər ver görək) bu verdiyin vəd (əzab) nə vaxt olacaq?” – deyə soruşarlar. De: “Allahın istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. (Bu qədər bilirəm ki,) hər ümmətin bir sonu vardır. Onların əcəli gəlib çatdıqda (əzab və ya ölüm fərmanları verildikdə) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər”. De: “Bir deyin görək əgər Onun əzabı sizə gecə, yaxud gündüz gəlsə, (onu özünüzdən dəf edə bilərsinizmi?) Günahkarlar nə üçün tələsirlər? Baş verdikdən sonra ona inanacaqsınız? (Sizə deyiləcək:) İndimi? Halbuki siz daha əvvəl ona tələsirdiniz (İndi nə faydası var?) Sonra zülm edənlərə: “Dadın əbədi əzabı. Siz ancaq qazandığınız günahlara görə cəzalandırılırsınız!” – deyiləcək. Səndən: “O (ilahi əzab vədi) doğrudurmu?” – deyə soruşacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, şübhəsiz, doğrudur. Siz onun qarşısını ala bilməzsiniz!” ——————————————————————————————- Dünya həyatının qısalığı: Bunu bir neçə amillə izah etmək olar: 1. İnsanlar əbədi Qiyamət həyatı ilə müqayisədə dünya həyatının bir saatdan artıq olmadığını düşünəcəklər. 2. Əbədi olmayan dünya həyatı insanlar üçün elə sürətlə keçir ki, onun sanki bir saatdan artıq olmadığı təsəvvürü yaranır. 3. İnsanlar ömürlərindən düzgün istifadə etmədikləri üçün bütün ömürlərinin bir saatdan çox dəyərə malik olmadığını düşünürlər. Buna görə də təfsirlərdə “bir-birini görüb tanıyacaqları qədər” ifadəsində insanların dünyada qaldığı müddətin azlığına işarə edildiyi qeyd edilir. Yəni ömür o qədər qısadır ki, insanlar onun yalnız iki nəfərin bir-birini görüb tanış olduğu və ayrılığı qədər davam etdiyini güman edirlər. Ayənin təfsiri zamanı irəli sürülən ehtimallardan birində zamanın qısa olması deyilərkən “Bərzəx” dövrünün nəzərdə tutulduğu qeyd edilmşdir. Yəni onlar Bərzəxdə illərin və əsrlərin necə sürətlə keçdiyini sanki yuxuda olduqları kimi hiss edəcəklər. Belə ki, Qiyamət günü min illər, on min illərə bərabər olan Bərzəx həyatının bir saatdan çox olmadığını güman edəcəklər. Qeyd olunan təfsirə əsasən “bir-birini görüb tanıyacaqlar” cümləsinin mənası belə olacaq: Bərzəx həyatı onlar üçün o qədər qısa olacaq ki, dünya ilə bağlı heç nəyi unutmayacaq və bir-birini yaxşı tanıyacaqlar. Ya da orada bir-birinin çirkin əməllərini görüb bir-birinin iç üzünü görürlər. Bunun özü onlar üçün böyük bir rüsvayçılıqdır[32]. 46-56. Peyğəmbəri (s) göndərdikdən sonra möminlərin xilas, kafirlərin əzaba düçar olması: Bu ayədə Allahın bütün ümmətlərə şamil olmuş və olmaqda davam edən qəti qanunundan xəbər verilir. O qanun da budur ki, Allah-taala əmrlərini insanlara çatdırmaq üçün bütün ümmətlərə peyğəmbərlər göndərmişdir. Sonra peyğəmbərlərlə ümməti arasında hökm vermək, imanlı şəxsləri xilas etmək, Allah və peyğəmbərlərini yalançı hesab edənləri əzaba düçar etmək üçün əzab nazil etmişdir. Sonra İslam peyğəmbərinə (s) bu qanununun heç bir istisnasız onun da ümmətinə şamil olduğunu çatdırmasını göstəriş vermişdir. Əlbəttə, ilahi əzabın Peyğəmbər (s) ümmətinə nə zaman nazil olacağını buyurmamış və onun zamanını gizli saxlamışdır. İmam Sadiqin (ə) bu surənn 50-ci ayəsi haqqında belə buyurduğunu oxuyuruq: “Bu ayədə ilahi əzabın nazil olacağını inkar edən, zahirdə müsəlman görünən axırzaman günahkarlarına göndəriləcək əzab nəzərdə tutulmuşdur.”[33] Əzab nazil olduqdan sonra tövbənin qəbul olunmaması: Bu ayədə əzab nazil olarkən tövbə qapısının bağlanacağından, peşmançılığın heç bir fayda verməyəcəyindən danışılır. Bunun səbəbi isə aydındır. Çünki belə bir halda edilən tövbə məcburiyyət və çıxılmazlıqdan edilən tövbəyə bənzəyir. Belə tövbənin isə heç bir dəyəri yoxdur[34] Əgər zülm etmiş bir şəxs yer üzündə olan hər şeyə sahib olsa, onu (əzabın qorxusundan) öz xilası üçün verər. Onlar əzabı gördükləri zaman (peşman olsalar da, daha da rüsvay olmamaları üçün) peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar, heç birinə zülm edilməz. Bilin ki, göylərdə və yerdə nə varsa, hamısı Allahındır. Xəbəriniz olsun ki, Allahın vədi haqdır, lakin onlar (bunu) bilməz! Dirildən də, öldürən də Odur. Ona doğru qaytarılacaqsınız! Ey insanlar! Rəbbiniz tərəfindən sizə bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə mərhəmət gəlmişdir! De: “Allahın bəxşiş, lütf və rəhməti ilə sevinsinlər. Bu, onların topladıqlarından daha xeyirlidir!” De: “Allahın sizə ruzi olaraq endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “Allah Özü sizə icazə verdi, yoxsa Allaha iftira yaxırsınız? (Özünüzdən halal və haram hökmü çıxarırsınız?)” Allaha iftira yaxanlar Qiyamət günü(nün əzabı) barəsində nə düşünürlər? Allah insanlara qarşı mərhəmətlidir, lakin onların çoxu şükür etməz! Sən hansı halda olsan (və nə düşünsən), Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız (onları etdiyiniz) zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! —————————————————————————————— Quran qəlb və ruh xəstəliklərinin dərmanıdır: İmam Əli (ə) bu həqiqəti çox aydın ifadələrlə bəyan etmişdir: “Dərdlərinizin dərmanını Quranda axtarın. Çətinliklə qarşılaşdığınızda Qurandan mədəd umun. Quran ən böyük dərdlərin, yəni küfr, nifaq, haqq yoldan azmanın dərmanıdır.”[35] Nemət və rəhmət: Bəxşiş və rəhmət arasında hansı fərqin olması təfsirçilər arasında uzun-uzadı mübahisələrə səbəb olmuşdur. Bəziləri ilahi bəxşiş və lütfkarlıqla zahiri nemətlərə, rəhmətlə isə batini nemətlərə işarə edildiyini hesab etmişlər. Bəziləri isə ilahi bəxşiş və lütfkarlıqla nemətin başlanğıcına, rəhmətlə isə nemətin davam etməsinə işarə edildiyini iddia etmişlər. Bəzi hədislərdə ilahi bəxşiş və lütf deyilərkən Peyğəmbərin (s) varlığı və peyğəmbərlik nemətinin, ilahi rəhmət deyilərkən isə Əlinin (ə) varlığı və imamət nemətinin nəzərdə tutulduğu qeyd edilmişdir. Sonuncu təfsirdə bəlkə də bu hədisə işarə edilmişdir. Çünki Peyğəmbər (s) İslamın başlanğıcı, Əli (ə) isə onun qalma və davam etmə səbəbi oldu[36]. Cahliyyət dövründə heyvanların halal və haram üzrə bölgüsü: Burada İslamdan əvvəlki ərəblərin dəvə, qoyun və sair heyvanları öz cahil ənənələrinə uyğun olaraq halal və haram etməsi, onların arasında qəribə bölgülər aparması nəzərdə tutulmuşdur[37]. Vəsilə, saibə, hami və sairəni buna misal göstərə bilərik. (Daha ətraflı məlumat üçün bax: “Maidə” surəsi, 103-cü ayə.) Dünya Allahın hüzurudur: Bu ayədə bütün müsəlmanları haqq yolda saxlayacaq, onları sapmalardan qoruyacaq böyük bir məsələ qeyd edilmişdir. Bu məsələyə diqqət cəmiyyətin sağlam olmasına səbəb olur. İnsanlar bir həqiqəti yaddan çıxarmamalıdırlar ki, nə danışırıqsa, nə düşünürüksə, haraya baxırıqsa, hansı haldayıqsa, təkcə Allah deyil, Onun mələkləri də bizi izləyir, bütün diqqətləri ilə bizə nəzarət edirlər. Yerdə və göydə ən kiçik hərəkət belə Ondan gizli qalmır. Hər şey səhv, yanlış və dəyişiklikdən uzaq olan lövhi-məhfuzda, Allahın sonsuz elm səhifəsində, Allaha yaxın olan mələklərin və insanın əməllərni yazan mələklərin düşüncəsində, hamımızın əməl dəftərində qeyd edilir. Təsadüfi deyil ki, İmam Sadiq (ə) belə buyurmuşdur: “İslam peyğəmbəri (s) bu ayəni tilavət edəndə möhkəm ağlayırdı.” Bir halda ki Peyğəmbər (s) o cür ixlası, bəndəliyi, insanlara xidməti, yaradana ibadəti ilə Allahın elmi qarşısında öz əməllərinə görə o cür qorxu keçirirsə, bizim vəziyyətimiz məlumdur[38]. Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməzlər. İman gətirmiş və (Allahın əmrinə qarşı çıxmaqdan) çəkinmiş şəxslər – dünyada da, axirətdə də şaddırlar. Allahın verdiyi vədlər heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur! Onların sözləri səni kədərləndirməsin. Bütün izzət (güc və qüdrət) yalnız Allaha məxsusdur. O, eşidəndir, biləndir! Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahdan qeyrisini Ona şərik qoşanlar (məntiq və dəlil qarşısında) tabe olmazlar. Onlar əsassız fikirlərə tabe olar və yalnız yalan danışarlar. Gecəni dincəlməyiniz üçün təyin edən, gündüzü (çalışıb ruzi qazanmağınız üçün) işıqlı edən Odur. Bunlarda eşidən qulaqları olanlar üçün dəlillər vardır. “Allah Özünə övlad seçmişdir!” dedilər. Allah (hər bir eyib, nöqsan və ehtiyacdan) pak və müqəddəsdir. O, ehtiyacsızdır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Bu iddianıza heç bir dəliliniz yoxdur. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz? De: “Allaha qarşı yalan uyduranlar, (əsla) nicat tapmazlar!” Dünyadan (azacıq) mənfəətləri vardır. Sonra bizə doğru qayıdacaqlar, ondan sonra küfr etdiklərinə görə onlara çox şiddətli bir əzab daddıracağıq! —————————————————————————————– Allah dostlarının qorxusu və qəm-qüssəsi olmaz: “Övliya” mənası iki şey arasında vasitəsizlik, yaxınlıq və fasiləszlik olan “vəli” sözünün cəmidir. Buna görə də övliyalar (Allah dostları) Allahla aralarında heç bir pərdə, maneə və fasilə olmayan şəxslərdir. Onların qəlblərində olan örtük aradan qalxmış, allahtanıma nuru, iman və pak əməl sayəsində Allahı qəlb gözü ilə heç bir şübhə, tərəddüd olmadan görürlər. Varlığı sonsuz, qüdrəti nəhayətsiz, mütləq kamillik olan Allahı bu cür tanıma sayəsində Allahdan qeyrisi nəzərlərində kiçik, dəyərsiz, qeyri-sabit görünür. Okeanla tanış olanın gözündə damcının heç bir dəyəri olmaz. Günəşi görən şəxs şamın işığına etina etməz. Buna görə də onların qorxusu və qəm-qüssəsi olmaz. Çünki insanda qorxu əlində olan nemətləri itirdiyi və ya gələcəkdə onu təhdid edən təhlükələr olduğu zaman yaranır. Qəm-qüssə də insanda əlində olan nemətləri itirdiyi üçün yaranır. Allahın həqiqi dostları maddi dünyanın bütün bağlılıqlarından və əsarətindən azaddırlar, başqalarını davamlı olaraq iztirab və narahatlıq içində saxlayan qorxular və qəm-qüssələr onlardan uzaqdır[39]. İmam Əlidən (ə) bu ayə və Allah dostlarının xüsusiyyətləri haqqında soruşulduqda İmam belə buyurmuşdur: “Allah dostları Allah üçün olan ibadəti səmimi şəkildə yerinə yetirən, başqaları təkcə dünyanın zahirinə baxdıqları halda, onlar dünyanın batininə baxan, (bu dərin baxış sayəsində) dünyanın gec yetişən təsirlərindən xəbərdar olan, başqaları dünyanın keçici bəzək-düzəyinə aldandığı halda, dünyanın onları tezliklə tərk edəcəyini bildikləri üçün onu tərk edən, dünyanın tezliklə onları öldürəcəyini bildikləri üçün ona qarşı olan sevgilərini ürəklərndən qovub çıxaran şəxslərdir.”[40] İmam Sadiq (ə) buyurmuşdur: “Qeybdə olduğu vaxt imamlarının (özlərini islah etməklə) zühurunu gözləyən, zühur etdiyi vaxt əmrinə müti olan Qaim İmamın (ə) ardıcıllarının xoş halına! Onlar Allah dostlarıdırlar. Onların qorxusu və qəm-qüssəsi olmaz.”[41] Allahın təqvalı insanlara müjdəsi: Bu ayədə Allahın Öz dostlarına dünya və axrətdə nəyi layiq görməsi təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Bəziləri hesab edir ki, bu, dünyasının dəyişib o dünyaya gedərkən mələklərin möminlərə “sizə vəd verilmiş Cənnət sizə mübarək olsun”[42] deyə verdiyi müjdədir. Bəzləri hesab edir ki, bu, Allahın möminlərin düşmən üzərində qələbə çalması və yer üzündə hökmranlıq etməsi ilə bağlı verdiyi qələbə vədləridir. Bəzi hədislərdə bu, mömnlərin dünyada gördükləri yaxşı yuxuların yozumları, qəbirlərindən qalxdıqdan sonra mələklərin onlara verdiyi Cənnət vədi olduğu qeyd edilmişdir. Ayədən müjdənin çox geniş məna ifadə etdiyi, hər növ müjdə, şadlıq, qələbə və uğuru ehtiva etdiyi məlum olur. Qeyd etdiyimiz bütün məzmunlar müjdənin ayrı-ayrı nümunələridir. İmam Sadiqin (ə) dostlarından biri İmamın belə buyurduğunu qeyd edir: “Bu məktəbin davamçıları ömürlərinin son anlarında elə şeylər görürlər ki, gözləri parlayır”. Ravi belə qeyd edir: “Mən israrla: “Nə görürlər?” – deyə soruşdum və on dəfə eyni sualı təkrar etdim. Lakin hər dəfəsində İmam təkcə bu cümlə ilə kifayətləndi: “Görərlər.” Məclisin sonunda üzünü mənə tərəf tutub səsləndi: “Deyəsən israr edib nəyi gördüklərini öyrənmək istəyirsən.” Dedim: “Bəli, əlbəttə.” Sonra ağladım. İmam halımı görüb lütfkarlıqla buyurdu: “O iki nəfəri görərlər.” Soruşdum ki, hansı iki nəfəri? Buyurdu: “Peyğəmbər (s) və Əlini (ə). Heç bir imanlı insan bu iki böyük şəxsyyətin ona müjdə verdiyini görmədən dünyaya göz yummaz. Bunu Allah Quranda bəyan edib.” Soruşdum ki, harada, hansı surədə? Bu vaxt İmam bu ayəni tilavət etdi”[43]. Müşriklərə Nuhun əhvalatını danış. Bir zaman o, öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda olmağım və Allahın ayələrini sizə xatırlamağım sizə ağır gəlirsə (əlinizdən gələni edin), mən Allaha təvəkkül etmişəm. Məbudlarınızla birlikdə nə edəcəyinizi qərarlaşdırın. Sizə heç nə gizli qalmasın (görəcəyinz işi hərtərəfli yoxlayın), sonra mənə heç möhlət də verməyib həyatıma son qoyun! Əgər siz (dəvətimi qəbul etməkdən) üz çevirsəniz, (pis iş görmüş olarsınız, çünki) mən sizdən heç bir muzd istəmirəm. Mənim muzdum yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (Allahın əmri qarşısında təslim) olmaq əmr edilmişdir!” Lakin onlar Nuhu yalançı hesab etdilər. Biz Nuha və onunla birlikdə gəmidə olanlara nicat verdik, onları varislər (xələflər) etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırıb boğduq. Bax gör qorxudulanların (lakin ilahi qorxuya əhəmiyyət verməyənlərin) aqibəti necə oldu! Nuhun ardınca öz ümmətlərinə elçilər göndərdik. Onlar açıq-aşkar dəlillər gətirmişdilər. Ancaq bunlar daha öncə yalan hesab etdikləri şeyə iman gətirmədilər. Biz (dərk etməmələri üçün) həddi aşanların ürəklərini belə möhürləyirik. Onlardan sonra Musanı və Harunu öz ayələrimizlə Firon və tərəfdarlarına göndərdik. Lakin onlar təkəbbürlük etdilər (və haqqa tabe olmadılar). Çünki günahkar bir dəstə idilər. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: “Bu, aşkar bir sehrdir!” – dedilər. Musa dedi: “Məgər sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar (əsla) nicat tapmazlar!” Onlar: “Bizi atalarımızın tapındığından döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə (əsla) iman gətirmərik!” – dedilər. —————————————————————————————- Din rəhbərlərinin düşmən qarşısında şücaəti: Həzrət Nuh (ə) “məbudlarınızla birlikdə nə edəcəyinizi qərarlaşdırın. Sizə heç nə gizli qalmasın (görəcəyinz işi hərtərəfli yoxlayın)…” cümləsi ilə xalqını ona qarşı bütün gücünü səfərbər etməyə təhrik etdi. Təbii ki, bu çağırış onların özlərinin və bütlərinin aciz və gücsüz olduğunu, Allahın Öz peyğəmbərini düşmənlərdən qoruya biləcəyini göstərmək üçün idi[44]. Bu ayələr nazil olduğu vaxt Peyğəmbərin (s) vəziyyəti eynilə Nuhun (ə) vəziyyəti kimi idi. Sanki Allah-taala bu ayələri göndərməklə peyğəmbərə düşmənin güc və qüdrətinə əhəmiyyət verməməyi, cəsarətlə öz yoluna davam etməyi göstəriş verirdi. Çünki onun arxalandığı varlıq Allahdır. Heç bir qüvvə Onun qüdrəti qarşısında müqavimət göstərə bilməz. Bəzi təfsirçilər Nuhun bu cümləsni və peyğəmbərlərin buna bənzər ifadələrini möcüzənin bir növü hesab etmişlər. Çünki onlar aşkarda heç bir imkana malik olmadıqları halda, düşməni məğlub edəcəkləri ilə təhdid edir, özlərinin qələbəsindən xəbər verirdilər. Bu, bütün İslam rəhbərləri üçün böyük bir dərsdir. İslam rəhbəri düşmənlərin izdihamı qarşısında qorxmamalı, Allaha təvəkkül etməli, yüksək qətiyyət və əzmkarlıqla onları meydana çağırmalı, aciz olduqlarını elan etməlidir. Bu mühüm amil ardıcılların ruhiyyəsinin güclənməsinə, düşmənlərin ruhiyyəsinin sınmasına səbəb olur[45]. Peyğəmbərlik mükafatı: Həzrət Nuh (ə) “əgər siz (dəvətimi qəbul etməkdən) üz çevirsəniz, (pis iş görmüş olarsınız, çünki) mən sizdən heç bir muzd istəmirəm” cümləsi ilə demək istəyir ki, əgər siz məndən üz çevirsəniz, mənim üçün heç bir problem olmayacaq. Çünki mən sizdən haqq istəmədim ki, sizin üz çevirməyiniz mənim haqqımın aradan getməsinə səbəb olsun. Mənim muzdumu Allah verir[46]. Yalançı iddiaçılarla müqayisədə həqiqi peyğəmbərlərin ən parlaq əlamətlərindən biri onların ilahi maraq güdməsindədir. İlahi maraq peyğəmbərlik iddiasının düzlüyünün dəlilidir. Halbuki yalançı iddiaçılar maddi maraq güdür, kahinlər və sairədə müşahidə edildiyi kimi, onların məqsədi yalnız şəxsi mənfəətlərdir. Quranda ilahi peyğəmbərlərin öz zəhmətləri müqabilində heç nə ummaması mövzusunun daha çax qabardılması onların bu imtiyazla tanına biləcəyindən xəbər verir. Onlar bu şüarı həm sözdə vermiş, həm də əməldə göstərmişdilər. Halbuki yalançı bir iddiaçı belə bir söz deyib, onu əməldə əsla göstərə bilməz[47]. Əhli-beyt (ə) müsəlmanların nicat gəmisidir: Bu ayəyə əsasən Nuhu yalançı hesab edənlərin hamısı həlak oldu, təkcə Nuh (ə) və onunla birlikdə gəmidə olanlar xilas oldular. Sünni və şiə ravilərinin əksəriyyətinin Peyğəmbərdən (s) nəql etdiyi və “Gəmi hədisi” adı ilə şöhrət tapmış hədisdə Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: “Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ondan yapışan xilas olacaq, ondan imtina edən boğulacaq.” Yəni yalnız Peyğəmbərin (s) Əhli-beyti ilə birlikdə olanlar xilas olacaqlar[48]. Möcüzə ilə sehrin fərqi: Əvvəlki ayədə həzrət Musanın (ə) düşmənlərinin onun möcüzəsini sehr və cadu hesab etdiklərini oxuduq. Bu ayədə Musanın (ə) özünü müdafiə etmək üçün iki dəlil gətirdiyi qeyd edilir. Birincisi, o buyurur: Bu sehr və cadu deyil, həqiqətdir. Yəni möcüzə və sehr, hər ikisi insanları öz təsiri altına alsa da, sehr yanlış, sehrbazların işləri məqsədsiz, məhdud və az dəyərlidir. Lakin peyğəmbərlərin möcüzələri həqiqətdir, islah etmə və tərbiyələndirmə kimi gözəl məqsədlərə xidmət edir, daha geniş və məhdudiyyətsiz formada təqdim edilir. İkincisi, o buyurur: “Sehrbazlar əsla xilas olmayacaqlar”. Fəaliyyətləri aldadıcı və azdırıcı xüsusyyətə malik olan sehrbazlar mənfəətpərəst, azdırıcı, dəyişən və yalançı şəxslər olurlar. Onları gördükləri işlərdən tanımaq olar. Lakin peyğəmbərlər haqq tələb edən, ürəyiyanan, təmiz ürəkli, məqsədyönlü, dindar, maddiyyata etina etməyən şəxslərdir. Sehrbazların ixlasla işləri yoxdur, onları sərvət, məqam, və şəxsi mənfəətlər maraqlandırır. Halbuki peyğəmbərlərin məqsədi Allahın yaratdığı insanları haqqa doğru yönəltmək, insan cəmyyətinin maddi və mənəvi dünyasını islah etməkdir[49]. Firon: “Nə qədər bilikli sehrbaz (cadugər) varsa, yanıma gətirin!” – dedi. Sehrbazlar gəldikdə Musa: “Ata biləcəklərinizi (sehr-cadu vasitələrinizi) atın” – dedi. Onlar atdıqda Musa dedi: “Sizin gətirdiyiniz (etdiyiniz) hər şey sehrdir. Allah tezliklə onu batil edəcəkdir. Çünki Allah fitnə-fəsad törədənlərin əməllərini islah etməz! Günahkarlar istəməsələr də, Allah, haqqı Öz vədilə gerçəkləşdirəcək!” Firon və tərəfdarlarının işkəncələrinin qorxusundan (ilk başlanğıcda) Musaya öz qövmündən olan kiçik bir qrup istisna olmaqla, heç kəs iman gətirmədi. Çünki Firon o yerdə hökmdar və həddi aşmışlardan idi. Musa dedi: “Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” Onlar dedilər: “Yalnız Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım tayfanın işkəncələrinə məruz qoyma! Və bizi Öz mərhəmətinlə kafirlərin əlindən qurtar!” Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər seçin, evlərinizi bir-birinin qarşısında tikin, namaz qılın və möminləri (zəfərlə) müjdələyin!” – deyə vəhy etdik. Musa dedi: “Ey Rəbbimiz! Sən Firona və tərəfdarlarına dünyada zinət və mal-dövlət vermisən! Ey Rəbbimiz! (Nəticədə, bəndələrini) Sənin yolundan azdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və (törətdikləri günahlara görə) ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!” ————————————————————————————— Cadugərlərin cadusunun puça çıxarılması: Bu ayədə həzrət Musa (ə) baş verəcək hadisə (əsanın əjdahaya çevrilməsi) ilə uyğunluq təşkil edəcək bir həqiqətə aydınlıq gətirir. Cadugərlərin etdikləri (iplərin və əsaların ilan və əjdaha şəklində görünməsi) sehrdir. Sehr gerçək olmayanın gerçək kimi göstərilməsidir. Sehr və cadunun əsası batil olduğu üçün Allah da onu batil edir və puç olduğunu açıb göstərir. Haqqı aşkar və davamlı etmək, batili aradan aparmaq Allahın qanunudur. Batilin nail olduğu qüdrət müvəqqəti olar. Qüdrət və əbədilik haqqa məxsusdur. Batilin və nahaqqın müvəqqətiliyi Allah-taalanın bir çox ayədə bəyan etdiyi bir həqiqətdir. Nəzər nöqtəsi olan ayənin sonunda da buna təkid edərək buyurmuşdur: “Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz.”[50] İsrail övladlarının şəhərdə məskunlaşmağa başlaması: “Qiblə” sözünün leksik mənası qarşı-qarşı olmaqdır. Qiblə sözünün bu gün məşhur olan mənası onun ikinci dərəcəli mənasıdır[51]. Bu ayəni təfsir edərkən bildirirlər ki, Allah Musa və qardaşına (Allahın salamı olsun onların hər ikisinə) vəhy edib Misirdə qövmləri üçün ev tikmələrini göstəriş verir. Həmin vaxta qədər İsrail övladları şəhər həyatı görməmiş, səhra sakinləri kimi çadırlarda yaşamışdılar. Onlara təbliğat aparmaları və məşvərət etmə imkanına malik olmaları, namazlarını cəm şəkildə qılmaları üçün evlərini sıra ilə qarşı-qarşıya, divar-dvara tikmək göstərişi verilir[52]. Musanın (ə) nifrini və onun qəbul edilməsi: Firon tərəfdarlarının iman gətirəcəyindən tamamilə ümid kəsildikdən sonra həzrət Musa (ə) onları nifrin etmişdir. Onların əsla xilas olmayacağı, yalnız azğınlaşmaqda davam edib, başqalarını da azğınlığa sürükləyəcəyi qəti şəkildə aydınlaşdıqdan sonra Musa (ə) onları nifrin edir və Allahdan Firon tərəfdarlarının iman gətirməməsini, yalnız ilahi əzabı gördükləri zaman, imanın heç bir faydası olmayacağı vaxt iman gətirmələrini istəyir[53]. Buyurdu: “Duanızı qəbul etdim. Qətiyyətli olun və bilməyənlərin yolunu izləməyin! İsrail oğullarını dənizdən (Nil çayından) keçirtdik. Firon və qoşunu zalımcasına və təcavüzkarcasına onları təqib etdi. (Firon) batacağı anda: “İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən təslim olanlardanam!” – dedi. (Ancaq ona belə xitab edildi:) İndimi? Halbuki daha əvvəl üsyan etmiş və fitnə-fəsad törədənlərdən olmuşdun! Gələcək nəsillərə bir ibrət olasan deyə, bu gün bədənini xilas edəcəyik. İnsanların çoxusu ayələrimizdən xəbərsizdirlər! (Sonra) İsrail oğullarını münasib bir yerdə məskunlaşdırıb, təmiz və pak (halal) ruzilər verdik. Onlar elm gələnə qədər ixtilafda olmadılar. Qiyamət günü Rəbbin ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir! Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl səmavi kitab oxuyanlardan soruş. Haqq sənə, sözsüz ki, Rəbbin tərəfindən yetişmişdir. Buna görə də əsla şübhə edənlərdən olma! Allahın ayələrini təkzib edənlərdən də olma, yoxsa ziyana uğrayanlardan olarsan! Barələrində Rəbbinin fərmanı gerçəkləşmiş olanlar iman gətirməzlər! Şiddətli əzabı görənə qədər bütün ayələri görsələr belə (iman gətirməzlər). —————————————————————————————– Məcburi imanın faydasızlığı: Musanın (ə) öncədən verdiyi xəbərlər biri-digərinin ardınca gerçəkləşdikdən, bu böyük peyğəmbərin doğruçu olduğuna əvvəlkindən daha artıq əmin olduqdan və gücünü gördükdən sonra Firon çıxılmaz vəziyyətdə qalıb iman gətirdiyini elan etdi. Ümid edirdi ki, Allah İsrail övladlarını dağ boyda dalğalardan xilas etdiyi kimi, onu da xilas edəcək[54]. Zülmkarlar və dövrün despot hökmdarları usanmadan öz çirkin əməllərini davam etdirirlər. Lakin ölüm onları yaxaladığında, pərdələr qalxdığında, etdkləri əməllərin nəticəsi gözləri önündə təcəssüm etdiyində peşman olur və iman gətirdiklərini elan edirlər. Halbuki bu imanın heç bir faydası və dəyəri olmur. Əməli edib-etməmək kimi ixtiyari seçim olduğu zaman gətirilən imanın dəyəri vardır. Habelə insanın xeyir və şər səbəbi olacağı dünyada gətirdiyi imanın qiyməti vardır. Ancaq dalğaların qoynunda saman çöpü kimi o tərəf-bu tərəfə çırpılan şəxsin gətirdiyi imanın faydası və dəyəri yoxdur[55]. Fironun cansız bədəninin sahilə çıxması: Təfsirçilərin əksəriyyəti hesab edirlər ki, “bədən” deyilərkən bu ayədə Fironun cansız bədəni nəzərdə tutulmuşdur. Çünki o bölgənin insanlarının təsəvvüründə Firon o qədər əzəmətli bir varlıq hesab edilirdi ki, əgər bədəni sudan çıxmasaydı, çoxları Fironun batdığına inanmayacaq və onun xilas olması ilə bağlı əfsanələr qoşacaqdılar. Bu səbəbdən də gələcək nəsillərə ibrət olsun deyə, Allah-taala onun cansız bədənini sahilə çıxardı. Bu gün də Misir və Britaniya muzeylərində fironlardan neçəsinin bədəni mumiyalanmış şəkildə qorunur. Bəziləri onlardan birinin Musanın (ə) müasiri olmuş Fironun bədəni olduğunu ehtimal edirlər[56]. Münasib yer: Münasib yer deyilərkən insanın məskunlaşmaq üçün arzuladığı yer nəzərdə tutulur. Sanki həmin yer “mən insanların məskunlaşması üçün yaxşı yerəm və bu iddiamda doğruyam”, – deyə səslənir. Gözəl ab-havaya, bərəkətli torpağa, bol nemətlərə malik olması, insanın məskunlaşması üçün uyğun olması münasib yerin xüsusiyyətlərindəndir. İsrail övladlarının məskunlaşdığı əlverişli və münasib yer deyilərkən Beytül-müqəddəs və Şam torpaqları nəzərdə tutulmuşdur. Allah-taala onları həmin ərazidə məskunlaşdırıb, buranı müqəddəs və mübarək adlandırmışdır. Quranda onların bu əraziyə daxil olması hadisəsi qeyd edilmişdir[57]. Peyğəmbərin (s) şübhə və tərəddüdü var idimi? Allah-taala bu ayədə Peyğəmbəri (s) himayə etmək və nazil etdiyinin doğru olduğunu sübuta yetirmək üçün Peyğəmbərə (s) kitab əhlinin öz kitablarını təhrif etməyən və onu düzgün oxuyanlarından bu barədə soruşmaq göstərişi verir. Çünki bu ilahi maarif ümumi şəkildə bütün səmavi kitablarda öz əksini tapmışdır. Bu ayədə diqqət yetirilməsi tələb olunan ən mühüm nüans budur ki, Peyğəmbər (s) ona nazil olana şübhə etməmişdir. “Əgər şübhən varsa” ifadəsi nəzərdə tutulan mövzunu sübuta yetirmək və gücləndirmək məqsədi daşıyır. Belə ki, bu ifadə formasından elmi və rasional mübahisələrdə çox istifadə edilir. Məsələn, mübahisə tərəfi tərəf müqablini qane edəcək və öz iddiasını sübuta yetirəcək tutarlı və qənaətbəxş bir dəlil gətirir. Lakin tərəf müqabilinin heç bir şübhəsi qalmadığı halda, öz iddiasını daha da möhkəmləndirmək üçün “əgər şübhən varsa” deyərək başqa bir dəlil də gətirir[58]. Nə üçün Yunisin ümmətindən başqa iman gətirib imanı özünə fayda verən heç bir şəhər və kənd olmadı? (Yunisin ümməti) iman gətirdikləri vaxt onları dünyadakı rüsvayçılıq əzabından qurtardıq və onlara bir müddət (ömürlərinin axırınadək) gün-güzəran verdik. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Sən insanları iman gətirməyə məcburmu etmək istəyirsən?! (Məcburi imanın nə faydası var?) Allahın əmri (izni, yardımı, hidayəti) olmadan heç kəs iman gətirə bilməz. Düşünməyən insanlara çirkab (günah və küfür çirkabı) nəsib edər. De: “Baxın, göylərdə və yerdə (Allahın birliyi və ayələrindən xəbər verən) nələr var!” Lakin bu ayələr və qorxutmalar iman gətirməyənlərə (inadkarlıqları ucbatından) heç bir fayda verməz! Onlar özlərindən əvvəlkilərin günlərinə bənzər bir gün (bəla və müsibətlər) gözləyirlər!” De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm!” Sonra (bəla və əzab nazil olduğunda) peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri belə xilas etmək Bizə vacibdir. De: “Ey insanlar! Əgər mənim dinim barəsində şübhəyə düşmüsünüzsə, (bilin ki,) mən Allahı qoyub tapındıqlarınıza ibadət etmərəm. Ancaq sizin canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir”. Və (mənə:) “Hər növ şirkdən uzaq olan bir dinə tərəf üz tut və müşriklərdən olma, Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən heç nəyi çağırma! Əgər belə etsən, zülm edənlərdən olarsan!” (deyə əmr edilmişdir.) —————————————————————————————– Yunisin (ə) qövmünün imanı: Şübhə yoxdur ki, digər xalqlardan da çoxlu sayda iman gətirənlər olmuşdur. Yunisin (ə) qövmünün digərlərindən fərqləndirilməsinin səbəbi qövmün qəti əzab göndərilmədən hamılıqla iman gətirməsi olmuşdur. Halbuki digər qövmlər arasında Allahın qəti əzabı enənə qədər öz inkarçı mövqelərində möhkəm dayanan çoxlu sayda insanlar olmuşdur. Onlar ilahi əzabı gördükdən sonra iman gətirdklərini elan etsələr də, 90-cı ayədə qeyd edilən səbəbdən imanlarının heç bir faydası olmamışdır. Yunisin (ə) qövmünün iman gətirməsi hadisəsi belə baş vermişdir: Yunis (ə) Neynəva (İraq) səhrasında məskunlaşmış qövmünün iman gətirməyəcəyini görüb aralarında yaşayan bir abidin təklifi ilə camaatı qarğıyır. Digər tərəfdən isə elmli və bilikli bir şəxs Yunisə (ə) dua etməyi, daha çox təbliğat aparmağı və məyus olmamağı təklif edirdi. Yunis (ə) bu macəradan sonra qövmünü tərk edir. Dəfələrlə onun sözlərinin düzlüyünün şahidi olmuş qövm həmin elmli adamın yanına gedib onlara bir yol göstərməsini xahiş edir. Həmin vaxt əzab nazil olmasa da, əzab əlamətləri görünməkdə idi. Onlar fürsəti qənimət bilib, alimin tövsiyəsi ilə şəhəri tərk edib duaya, yalvarıb-yaxarmağa başlayır, iman gətirdiklərini deyib tövbə edirlər, Allahın nəzərlərini daha çox cəlb etmək, rəhmət və mərhəmətinə nail olmaqdan ötrü uşaqları analarından ayırır, cod və qiymətsiz paltarlar geyinir və öz peyğəmbərlərinin axtarışına çıxırlar. Lakin ondan heç bir əsər-əlamət tapmırlar. Bu vaxt edilmiş həqiqi tövbə öz işini görür, əzab əlamətləri çəkilir və əmin-amanlıq yenidən hökm sürür. Yunis (ə) başına gələn uzun-uzadı macəradan sonra qövmünə doğru geri qayıtdıqda onu ürəkdən və səmimi qəbul edirlər. Bir nüansı qeyd etməliyik ki, Yunisin (ə) qövmü qəti əzaba məruz qalmamışdır. Əks təqdirdə tövbələri qəbul edilməzdi. Adətən qəti əzab gəlməzdən əvvəl göndərilən xəbərdarlıqlar onlar üçün kifayət qədər oyadıcı olmuşdur. Halbuki Fironun tərəfdaları dəfələrlə bu təhlükələrin və xəbərdarlıqların şahidi olsalar da, onları ciddiyə almamış, sonda qəti əzaba düçar olmuşlar[59]. İman Allahın hədiyyəsi və insanın seçimidir: Bu ayənin sonrakı ayə ilə təzad təşkil etdiyi təsəvvür edilə bilər. Çünki bu ayədə Allahın heç kəsi iman gətirməyə məcbur etmədiyi buyurulduğu halda, sonrakı ayədə Allahın əmr və istəyi olmadan heç kəsin iman gətirə bilməyəcəyi buyurulmuşdur. Bir nüansa diqqət edilsə, sözügedən ziddiyət aradan qalxar. O da budur ki, inancımıza görə, nə məcburiyyət düzdür, nə də qeyd-şərtsiz azadlıq. Yəni insanlar davranışlarında məcbur və ixtiyarsız olmadıqları kimi, tam şəkildə başlı-başına da buraxılmamışlar. İradə azadlığına malik olmaqla yanaşı, Allahın yardımına da ehtiyacları vardır. Bu iradə azadlığını insana Allah vermişdir. Ağıl, idrak və təmiz vicdan da Onun nemətlərindəndir. Peyğəmbərlərin (ə) və səmavi kitabların haqqa doğru yönləndirməsi də Onun tərəfindəndir. Buna görə də iradə azadlığı ilə yanaşı, iman neməti və onun məhsulunun mənbəyi Allahdır[60]. Ölüm Allahın ixtiyarındadır: Bu ayədə Allahın sifətlərinin arasından “öldürən” sifəti qeyd edilmişdr. Belə ki, müşriklər bütlərə pislikləri dəf etdiyini və yaxşılıqların mənbəyi olduğunu düşündükləri üçün ibadət edirdilər. Lakin öldürmək məsələsinə gəlincə, ölümün hər kəsi haqlayacağına və hər kəsin ölümü dadacağına əmin idilər. Digər tərəfdən isə ölümün başqasının deyil, məhz təkcə Allahın əlində olduğunu bilirdilər. Buna görə də qeyd olunan sifət can vermənin acısından xilas olmaq üçün onların Allaha ibadət etməsinə stimul ola bilər. Bundan əlavə, Allahın bu sifətinin qeyd edilməsi bir növ müşrikləri təhdid xarakteri daşıyır. Çünki Allah-taala əvvəlki ayələrdə onlara əzab vədi vermiş və əzab gəldiyi vaxt müşriklərin ölümünün qaçılmaz olduğunu bildirmişdir[61]. Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir. De: “Ey insanlar! Rəbbiniz tərəfindən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, bunu özü üçün etmişdir, kim azğınlığa düşsə, haqq yoldan sapıb özünə ziyan etmişdir. Mən sizə məmur deyiləm (mənə sizi məcbur etmək əmr edilməyib)”. Sənə vəhy edilənə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökm verənlərin ən yaxşısıdır. [1] Nümunə, c.8, səh.213 [2] “Gözəl mükafat” kimi tərcümə etmişik [3] Nümunə, c.8, səh.216 [4] Əl-Mizan, c.10, səh.19 [5] Nümunə, c.8, səh.219 [6] Nümunə, c.8, səh.219 [7] Nümunə, c.8, səh.224 [8] Nəhcül-bəlağə, 110-cu xütbə [9] Nümunə, c.8, səh.223 [10] Təfsiri-mövzui, c.5, səh.334 [11] Əl-Mizan, c.10, səh.21 [12] Əl-Mizan, c.10, səh.25 [13] Təfsiri-mövzui, c.1, səh.335 [14] Nümunə, c.8, səh.250 [15] Təfsiri-mövzui, c.12, səh.270 [16] Nümunə, c.8, səh.254 [17] Əl-Mizan, c.10, səh.33 [18] Nümunə, c.8, səh.257 [19] Əl-Mizan, c.10, səh.29 [20] Nümunə, c.8, səh.263 [21] Ənam surəsi, 160-cı ayə [22] Nisa surəsi, 173-cü ayə [23] Əl-Mzan, c.10, səh.40 [24] Təfsiri-mövzui, c.5, səh.81 [25] Əl-Mizan, c.10, səh.47 [26] Təfsiri-mövzui, c.14, səh.258 [27] Nümunə, c.8, səh.277 [28] Əl-Mizan, c.10, səh.53 [29] Əl-Mizan, c.10, səh.62 [30] Əraf surəsi, 169-cu ayə [31] Yunus surəsi, 39-cu ayə [32] Nümunə, c.8, səh.303 [33] Əl-Mizan, c.10, səh.66 [34] Nümunə, c.8, səh.312 [35] Nəhcül-bəlağə, 175-ci xütbə [36] Nümunə, c.8, səh.322 [37] Əl-Mizan, c.10, səh.79 [38] Nümunə, c.8, səh.331 [39] Nümunə, c.8, səh.333 [40] Əl-Mizan, c.10, səh.92 [41] Nurus-səqəleyn, c.3, səh.222 [42] Fussilət surəsi, 30-cu ayə [43] Nümunə, c.8, səh.337; Əl-Mizan, c.10, səh.94 [44] Əl-Mizan, c.10, səh.97 [45] Nümunə, c.8, səh.351 [46] Əl-Mizan, c.10, səh.98 [47] Pəyame-Quran, c.7, səh.64 və 65 [48] Ətyəbül-bəyan, c.6, səh.430 [49] Nümunə, c.8, səh.359 [50] Əl-Mizan, c.10, səh.104 [51] Nümunə, c.8, səh.371 [52] Əl-Mizan, c.10, səh.109 [53] Əl-Mizan, c.10, səh.110 [54] Nümunə, c.8, səh.376 [55] Mənşuri-cavid,c.12, səh.131 [56] Nümunə, c.8, səh.377 [57] Əl-Mizan, c.10, səh.114 [58] Əl-Mizan, c.10, səh.116 [59] Nümunə, c.8, səh.387 [60] Nümunə, c.8, səh.390 [61] Əl-Mizan, c.10, səh.126

QURANI KƏRIM 24.12.2024

“Tövbə” surəsi

“Tövbə” surəsi (Bu,) Allah və Peyğəmbəri tərəfindən saziş bağladığınız müşriklərə bir xəbərdarlıqdır! Yer üzündə dörd ay sərbəst gəzib dolaşın (haraya istəyirsiniz gedin, düşünün) və bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. Allah kafirləri rüsvay edəndir! Bu, Allah və Peyğəmbəri tərəfindən insanlara böyük həcc günü (Qurban bayramı günü) elan edilən bir bildirişdir! Allah və Peyğəmbəri müşriklərə nifrət edir. Əgər tövbə etsəniz, sizin üçün daha yaxşı olar. Əgər imtina etsəniz, bilin ki, Allahı aciz qoya bilməzsiniz (Onun qüdrətinin çərçivəsindən çıxa bilməzsiniz). Kafirləri ağrılı bir əzabla müjdələ! Müqavilə bağladığınız və haqqınızda heç bir nöqsana yol verməmiş, habelə, sizin əleyhinizə heç kəsə yardım göstərməmiş müşriklər istisnadır. Onlarla olan əhdinizə axıra qədər sadiq qalın. Çünki Allah müttəqiləri sevər! Haram aylar çıxdıqdan sonra müşrikləri harada görsəniz, öldürün, əsir götürün, mühasirəyə alın və bütün yollarını – keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhm edəndir! Əgər müşriklərdən biri səndən sığınacaq istəsə, ona sığınacaq ver ki, Allah kəlamını eşitsin. Sonra onu əmin olduğu yerə çatdır. Çünki onlar bilməyən bir tayfadır! ——————————————————————————————- “Tövbə” surəsinin ümumi məzmunu: Müşriklərdən təngə gəlinməsi ilə bağlı xəbərdarlıq edilməsi, müşriklər və kitab əhli ilə müharibə, münafiqlərin xüsusiyyətlərinin izahı, cihada ruhlandırmaq, bu ilahi vəzifədən boyun qaçıranların məzəmmət edilməsi, kafirlərlə dostluq münasibətlərinin qadağan edilməsi, zəkat məsələləri bu surənin ümumi məzmununu təşkil edir[1]. Əhdini pozan müşriklərin təhlükəsizlik zəmanətinin ləğv edilməsi: Allah-taala bu ayədə müsəlmanlarla düşmənçilik edilməməsi haqqında saziş bağlamış müşriklərin təhlükəsizlik zəmanətinin ləğv edilməsini elan etmişdir. Əlbəttə, bu təhlükəsizlik zəmanətinin ləğv edilməsi və müqavilənin pozulması əbəs və əsassız deyildi. Allah-taala sonrakı bir neçə ayədə bildirir ki, müşriklərin müqaviləsinə etimad etmək olmaz. Çünki onların çoxu müqavilənin şərtlərini pozur, əhdlərinə sadiq qalmırdılar. Buna görə və qarşılıq göstərmək üçün Allah-taala müsəlmanlar tərəfindən də müqavilənin ləğv edilməsini qanuni saydı. Belə ki, “Ənfal” surəsinin 85-ci ayəsində də bu göstərişi vermişdir. Allah-taala sözügedən məsələləri bu ayələr vasitəsilə müşriklərə elan etdirərək, onları artıq müqavilənin ləğv edilməsindən, təhlükəsziliklərinə zəmanət verilməməsindən xəbərdar edərək, onlara çatdırır ki, başlarına bir çarə qılsınlar və müqavilənin ləğv edilməsini gözlənilməz addım kimi qiymətləndirməsinlər. Müşriklərin müqavilələrinin ləğv edilməsinin əsassız olmadığını bu surənin öz əhdlərinə sadiq qalan müşrikləri istisna edən, onların statuslarını əhdpozan müşriklərin statuslarından fərqləndirən 4-cü ayəsi də təsdiq edir[2]. Müşriklərə dörd ay möhlət verilməsi: “Yer üzündə dörd ay sərbəst gəzib dolaşın” deyilərkən bu dörd ay ərzində onların təhlükəsizliyinə təminat veriləcəyi, bu müddətdə onlara yaxşı-yaxşı düşünmək, xeyirlərinə olanı seçmək üçün fürsət verildiyi nəzərdə tutulmuşdur. Ya müsəlman olub həyatda qalmalıdırlar, ya da müşrik olub məhv olmalıdırlar[3]. Bu müvəqqəti azadlıq haqqının tanınması hələ gənc olan İslamın qürur və iftixarlarından biridir. İslam düşmənlərinə möhlət verir ki, bu müddət ərzində düşünsünlər, bəlkə ağıl və düşüncə ilə xoşbəxtlik yolunu taparlar. Əks təqdirdə, harada istəyirlərsə, orada da özlərinə bir sığınacaq tapsınlar. Əgər müqavimət göstərmək üçün tədarük görməyə ehtiyacları varsa, öz tədarüklərini görsünlər. Əgər gənc dövrünü yaşayan İslam dövləti doğruluğa və düzlüyə əsaslanmasaydı, basqın edib hər kəsi həlak edərdi[4]. Bu dörd ay “Tövbə” surəsinin nazil olduğu ilin böyük həcc günündən (Qurban bayramı günündən) başlayıb növbəti ilin rəbiüs-sani ayının onunda başa çatmışdır. 5-ci ayədə haram aylar deyilərkən müharibə və döyüşlərin qadağan edildiyi dörd ay (rəcəb, zilqədə, zilhiccə, məhərrəm) deyil, məhz həmin aylar nəzərdə tutulur[5]. Müşriklərə elan edilən nifrət xəbərdarlığının məzmunu: Quranda nifrət üstüörtülü şəkildə bəyan edilsə də, hədislərdə həzrət Əlinin (ə) Peyğəmbər (s) tərəfindən dörd məsələni çatdırmaq üçün ezam edildiyi göstərilir: 1. Müşriklərlə olan müqavilənin ləğv edilməsi; 2. Gələcək həcc mərasimlərində onların iştirakının qadağan edilməsi; 3. Kəbənin ətrafına həmin vaxta qədər müşriklər arasında ənənə şəklini almış çılpaq təvaf edilməsi adətinin qadağan edilməsi; 4. Müşriklərin Allah evinə girməsinin qadağan edilməsi[6]. Məscidül-həramın yanında müqavilə bağladığınız (və öz əhdlərinə sadiq çıxan) şəxslər istisna olmaqla, müşriklərin Allah və Onun Peyğəmbəri yanında necə əhdi ola bilər?! Onlar sizə qarşı sədaqətli olduqca siz də onlara qarşı sədaqətli olun. Allah təqvalıları sevər! Necə ola bilər? (Müşriklərin əhdi necə dəyərli ola bilər ki,) onlar sizə qalib gəlsələr, nə sizinlə olan qohumluğa, nə də əhdə baxarlar. Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salarlar. Onların əksəriyyəti fasiqdir! Onlar (müşriklər və ya onlara yardım edən yəhudilər) Allahın ayələrini ucuz qiymətə satdılar, sonra da (insanları) Onun yolundan döndərdilər. Onlar pis işlərlə məşğul olurdular. Onlar (təkcə sizin deyil,) heç bir mömin barəsində nə qohumluğa, nə də bir əhdə əməl edərlər. Onlar həddi aşanlardır! Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi bilən (və düşünən) bir tayfaya belə şərh edirik! Əgər əhd bağladıqdan sonra əhdlərini pozsalar və dininizi məzəmmət etsələr, küfr başçıları ilə vuruşun. Çünki onların əhd-peymanları yoxdur. Bəlkə, əl çəkələr! Məgər siz öz əhdlərini pozan, Peyğəmbəri çıxardıb qovmaq niyyətində olan, üstəlik, sizinlə döyüşə də birinci başlayan bir tayfa ilə vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Halbuki əgər möminsinizsə, əslində, daha çox Allahdan qorxmalısınız! —————————————————————————————- Müşriklərin qohumluq əlaqələrinə etinasızlığı: Qüreyşlilər Peyğəmbər (s) və bəzi müsəlmanların qohumları olsalar da, özləri bu cəhətə azacıq etina etmədikləri və qohumluq münasibətlərinə hörmət qoymadıqları halda, Peyğəmbər (s) və müsəlmanlardan bunu necə uma bilərlər? Oxşar mövzu növbəti iki ayədə təkrar edilmişdir. Təkrarçılıq isə nəzərdə tutulan məsələni təkid etməklə yanaşı, 8-ci ayədə Peyğəmbərin (s) ətrafına toplaşmış müsəlmanları səciyyələndirir. Ayədə imanı olan fərdlərdən söhbət gedir. Yəni möminlər müşriklərə əhəmiyyət vermirlər, möminlərlə və tövhid dininə tabe olan hər kəslə düşmənçilik edən və heç nəyi nəzərə almayan məhz müşriklərdir. Deməli, onlar iman və haqqı özlərinə düşmən bilirlər. Bu mövzuya “Buruc” surəsinin bəzi keçmiş xalqlara işarə edən 8-ci ayəsində də işarə edilmişdir. Ayədə belə deyilir: “Onların möminlərə qarşı yeganə iradı bu idi ki, onlar yenilməz qüdrət sahibi və həmd-sənaya layiq olan Allaha iman gətirmişdilər.”[7] İman dini vəzifələrin yerinə yetirilməsi ilə kamilləşir: Tövbə deyilərkən Allaha qayıdış nəzərdə tutulur. Müşrikdən tövbə etməsini istədikdə məqsəd onun təkallahlıq inancından uzaq salan işləri tərk etməsi, Allaha, Onun sifətlərinə və peyğəmbərinə iman gətirməsi olur. Möminə “tövbə et” dedikdə isə məqsəd onun möminə layiq olmayan çirkin və anormal əməllərdən əl çəkməsi olur[8]. Ayədə tövbədən sonra namaz qılınması, zəkat verilməsi məsələlərinə toxunulmuşdur. Çünki namaz Allaha bəndəliyin ən parlaq nümunəsi, zəkat isə İslam cəmiyyətinin ən güclü maliyyə fondu hesab edilir. Əslində, bu iki ibadət növü nümunə üçün qeyd edilmişdir. Bunların qeyd edilməsində məqsəd budur ki, birbaşa qəlblə bağlı olan Allaha iman praktiki səciyyəyə malik olan dini vəzifələrin icrası ilə kamilləşir[9]. Küfr başçıları: Bu ayənin məqsədi əvvəlki ayələrdə (8-10) işarə edilən müşriklər deyil. Onlar ümumiyyətlə, heç bir mömin barəsində qohumluq, əhd və peyman prinsiplərinə riayət etmədikləri üçün onlarla bağlı heç bir şərt irəli sürülməmiş və “əgər əhd bağladıqdan sonra əhdlərini pozsalar…”, – deyə bir fikir səsləndirilməmişdir. Bu ayədə müsəlmanların rəhbər və başçıları ilə əhd və müqavilə bağlayıb onu pozan və müsəlman rəhbərlərinə qarşı duran insanlardan söhbət gedir. Quranda onlar küfr başçıları kimi təqdim edilmişdir. Çünki onlar ilahi ayələri inkar etməkdə qabağa düşmüş, başqaları da onların yolunu getmişdilər. Əhli-beyt (ə) imamlarına istinad edilən hədislərdə “Cəməl” müharibəsini təşkil edənlərin başında duran Təlhə və Zübeyr bu ayənin bariz nümunələrindən biri kimi təqdim edilmişdir. Çünki onlar müsəlmanların haqq rəhbəri İmam Əliyə (ə) qarşı müharibəyə qalxmış, əhd-peymanlarını pozmuş, beyətlərini sındırmışdılar. Buna görə də tarixdə “nakisin” (əhdpozanlar) adı ilə tanınmışlar[10]. Onlarla vuruşun ki, Allah onları sizin əlinizlə cəzalandırsın, onları rüsvay etsin, möminlərdən bir qrupunun qəlbinə şəfa versin. (Bu yolda yaxınlarını itirdikləri üçün qəlbləri yaralanmış möminlərin qəlbinə məlhəm qoysun.) Onların qəlblərindən qəzəbi silib aparsın. Allah istədiyi (layiq bildiyi) şəxsin tövbəsini qəbul edər. Allah biləndir, hikmət sahibidir! Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə sirr ortağı seçənləri ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır! Müşriklər öz küfrlərinə şahidlik etdikləri halda, Allahın məscidlərini təmir etməyə haqları çatmır. Onların əməlləri puça çıxmışdır. Onlar odda əbədi qalacaqlar! Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər. Belə bir tayfanın doğru yolu tapacağına ümid var! Məgər siz hacılara su verməyi və Məscidül-həramı təmir etməyi Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah yanında eyni olmazlar. Allah zalım tayfanı doğru yola yönəltməz! İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə vuruşanların Allah yanında daha üstün dərəcələr var. Onlar qalib gələnlər və nicat tapanlardır. —————————————————————————————— Müşriklərin məscidləri təmir etməyə haqları çatmır: Müşriklərlə olan müqavilələrin ləğvindən və cihad əmrinin verilməsindən sonra bəzilərini düşündürən suallardan biri bu idi ki, nə üçün sözügedən əksəriyyəti özümüzdən uzaqlaşdıraq və onların həcc mərasimində iştirakına icazə verməyək? Halbuki onların bu mərasimdə iştirakı hər cəhətdən bizim xeyrimizədir. Onların bu mərasimdə iştirakı və edəcəkləri mühüm yardımlar maddi cəhətdən Məscidül-həramın abadlaşmasına, mənəvi cəhətdən isə Allah evinin ətrafında insanların toplaşmasına səbəb olur. Bu və sonrakı bir neçə ayədə bu cür boş və əsassız fikirlərə cavab verilir və Allah bldirir ki, müşriklərin nə Məscidül-həramın təmiri və bərpası üçün göstərdikləri səylərin, nə də Allah evinin ətrafında yaratdıqları izdihamın Kəbə üçün heç bir xeyri yoxdur. Allah pak və təmiz olduğu kimi, Onun evi də pak və təmizdir. Buna görə də təmiz olmayan napak insanların əlləri bu evdən tamamilə kəsilməlidir[11]. Məscidlərin abad olmasının əhəmiyyəti: Məscidlərin tikilməsi və abadlaşdırılması əhəmiyyəti ilə bağlı çoxlu sayda hədisin olması bu işin qeyri-adi dərəcədə əhəmiyyətə malik olduğunu göstərir. Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir nəfər məsciddə bir çıraq yandırsa, o çıraq orada nə qədər ki işıq salmağa davam edir, Allahın ərşinin daşıyıcıları və mələkləri onun bağışlanılmasını istəyərlər.” Bu gün daha çox əhəmiyyət daşıyan məsələ məscidlərin mənəvi cəhətdən abad olmasına çalışmaqdır. Başqa sözlə desək, məscidlərin tikintisindən çox məscid əhli, məscid qoruyucuları və məscid mühafizləri olan insanların yetişdirilməsinə və ənənəvi abadlığına daha çox əhəmiyyət verməliyik. Məscid insanların oyanışı, ayıqlığı, mühitin təmizlədilməsi, müsəlmanların İslam irsinin müdafiəçiləri ruhiyyəsində yetişdirilməsi istqamətlərində istənilən İslami hərəkata hazırlaşmaq üçün bir mərkəz rolunu oynamalıdır. Xüsusilə, məscid təkcə əlillərin və yaşlı insanların toplaşdığı mərkəz deyil, imanlı yeniyetmələrin və gənclərin toplaşdığı mərkəz olmalıdır[12]. Əlinin (ə) başqalarından üstün olduğunu göstərən bir nümunə: Çoxlu sayda hədislərdə bu və növbəti üç ayənin möminlərin əmiri İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. Hədislərin birində deyilir ki, Şeybə və Abbas bir gün özlərini başqalarına tərifləyir və özlərinin üstünlüklərindən danışırmışlar. Bu vaxt onların yaxınlığından keçən Əli (ə) onlardan soruşur: “Nəyinizlə fəxr edirsiniz?” Abbas deyir: “Mənə elə bir imtiyaz verilib ki, başqasına verilməyib, mənə Allah evinin ziyarətçilərinə su vermək imtiyazı verilib.” Şeybə deyir: “Mən Məscidül-həramı təmir və bərpa edirəm, Kəbə evinin açarı da məndədir.” Əli (ə) buyurur: “Sizdən həya etsəm də, yaşımın az olmasına baxmayaraq, deməlyəm ki, mənim elə imtiyazım var ki, sizdə o yoxdur.” Onlar soruşur: “Ey Əli, o, hansı imtiyazdır elə?” İmam Əli (ə) buyurur: “Mən qılıncla sizin burnunuza-burnunuza o qədər vurdum ki, nəhayət Allah və peyğəmbərinə iman gətirdiniz.”[13] Abbas əsəbləşib ayağa durur və ətəyini darta-darta Peyğəmbərin (s) yanına şikayətə gedərək deyir: “Görürsən, Əli mənimlə necə danışır?” Peyğəmbər (s) buyurur: “Əlini çağırın!” Əli (ə) gəldikdən sonra Peyğəmbər (s) ondan soruşur: “Nə üçün Əmin Abbasla bu cür danışırsan?” Əli (ə) deyir: “Ey Allahın rəsulu, mən həqiqəti dedim, istəyir əsəbləşsin, istəyirsə də xoşuna gəlsin.” Bu vaxt Cəbrail (ə) nazil olaraq buyurur: “Ey Mühəmməd! Rəbbin sənə salam çatdırır və buyurur ki, bu ayələri onlara oxusun: “Məgər siz hacılara su verməyi…” (19-23-cü ayələr). Rəbləri onları Öz tərəfindən bir mərhəmət, razılıq və içərisində əbədi nemətlər olan cənnətlərlə müjdələyər. Onlar orada həmişəlik və əbədi qalacaqlar. Çünki böyük mükafat Allah yanındadır! Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost, yardımçı və himayəçi bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşladığınız məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əzabı sizə gəlincəyə qədər gözləyin. Allah itaət göstərməyənləri doğru yola yönəltməz! Allah sizə çox yerdə, həmçinin Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi məğrur etsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq sizə dar gəldi), sonra dönüb qaçdınız. Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə Öz təskinliyini nazil etdi, görmədiyiniz qoşunlar endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır! —————————————————————————————— 23-24. Allah dini, yoxsa dünya – hansı daha sevimlidir? Bir qrup müsəlman bütpərəstlərə qarşı müharibə əmrinə etiraz etmək üçün ehtimal ki, müşriklər arasında qohum və yaxınlarının olmasını, müharbə olarsa, qohumlarına və qəbilələrinə göz yummaq məcburiyyətində qalmağı bəhanə gətirə bilər. Digər tərəfdən, onların əsas ticarət tərəfdaşlarının Məkkə müşrikləri olması ilə yanaşı, sərmayələrinin çox hissəsi də onların əlində idi. Məkkəyə gedib-gələrkən bu əlaqələri daha da inkişaf etidirir, sərvətlərini artırırdılar. Bundan əlavə, onların Məkkədə böyük evləri və əraziləri də var idi. Müşriklərlə qarşıdurma olacağı təqdirdə evləri dağıdıla və ya müşriklərin həcc mərasiminə son qoyulması ilə buradakı ərazilər öz qiymətlərini itirə bilərdi. Bu ayələrdə həmin şəxslərin vəziyyəti təsvir edilmiş və onlara qəti cavab verilmişdir. Hədislərdə qeyd edilir ki, İmam Əli (ə) həcc mərasimində “bundan sonra müşriklərin Məscidül-hərama girməyə haqqı çatmır” əmrini elan etdikdə qüreyşlilər fəryad qopararaq deyirlər: “Ticarətimiz batdı, ailələrimiz dağıldı, evlərimiz viran qaldı.” Bu ayə onlara qəti şəkildə cavab verir. Sözügedən ayələrdə doğruçu imanla şirkə, münafiqliyə bulaşmış imanın əsas xətləri, həqiqi möminlərlə imanları zəif olan fərdlərin fərqi göstərilmişdir. Ayələrdə açıq şəkildə bildirilir ki, əgər insanın maddi həyat bağlılığı insanın gözündə Allah, Peyğəmbər (s) cihad və Allahın əmrinə boyun əyməkdən daha qiymətlidirsə və insan bu bağlılıqlarını dinə qurban verə bilmirsə, deməli, onun imanı həqiqi iman deyil və imanı kamilləşməmişdir. İmanın ruhu və həqiqəti bütün dəyərləri ilə yalnız bu cür fədakarlıqlar lazım olduğu zaman tərəddüd etmədikdə təzahür edir[14]. Hüneyn döyüşü: İslam ordusu Məkkə və onun ətrafındakı əraziləri fəth edib bütpərəstliyə son qoymuşdu. Lakin Həvazin və Səqif qəbilələrinə aid olan Taif və onun ətrafındakı ərazilər bütpərəstlər üçün alınmaz qala hesab edilirdi. Buna görə də Peyğəmbər (s) vaxt itirmədən Taifi fəth etmək qərarına gəldi. Bunun üçün İslam ordusu iki dağın arasından keçən və Hüneyn ərazilərinə qədər uzanan dərin və uzun bir keçiddən keçmək məcburiyyətində idi. Peyğəmbər (s) on iki minlik ordu ilə Həvazinə tərəf yola düşür. Bu xəbəri eşidən Həvazin qoşunları dağların oyuqlarında, ətraf dərələrdə, ağacların aralarında pusqu qururlar. Müsəlman qoşunları bu ərazilərdən keçəndə qəfildən onlara hücum çəkirlər. Müsəlmanların çoxu qaçır, başda Əli (ə) olmaqla yalnız az sayda ixlaslı və həqiqi mömin qalıb döyüşə davam edir və Peyğəmbəri (s) qoruyur. Allah-taala burada müsəlmanları düşmənlə baş-başa buraxır və qısa müddətə onları himayə etməkdən əl çəkir. Çünki müsəlmanlar həmin vaxta qədər çox olmaları ilə öyünürdülər. Çox çəkmədi ki, məğlubiyyətlə qarşılaşdılar. Müsəlmanlar qaçmağa üz qoyduqda Peyğəmbər (s) səsi uca olan Abbasa göstəriş verir ki, hündür bir yerə çıxıb müsəlmanları: “Ay mühacirlər və ənsar! Ey Bəqərə surəsinin dostları! Ey Şəcərə beyətçiləri! Hara qaçırsınız?! Peyğəmbər (s) buradadır!”, – deyə çağırsın. Müsəlmanlar Abbasın səsini eşitdikdə qayıdırlar və hər tərəfdən düşmənə hücum çəkirlər, Allahın yardımı ilə irəliləyib düşməni məğlub edirlər[15]. Bundan sonra Allah yenə də istədiyinin (layiq bildiyinin) tövbəsini qəbul edər. Allah bağışlayandır, rəhm edəndir! Ey iman gətirənlər! Müşriklər murdardırlar. Buna görə də bu ildən sonra Məscidül-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) Allah istəsə, sizi Öz kərəmi ilə ehtiyacsız edər. Allah biləndir, hikmət sahibidir! Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun. Yəhudilər: “Üzeyir Allahın oğludur”, xaçpərəstlər də: “Məsih Allahın oğludur”, – dedilər. Onların ağzında gəzən bu sözlər daha öncə küfr edənlərin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də haqqı təhrif edirlər! (Onlar) Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. O, şərik qoşulanlardan pak və təmizdir. ——————————————————————————————- Müşriklərin murdarlığı: Ayədə “müşriklərin murdarlığı” deyilərkən zahiri murdarlıqdan daha üstün bir məna nəzərdə tutulmuşdur. Çünki onların murdarlığı Məscidül-həramın təmizliyi və paklığı müqabilində işlədilmişdir. Məscidül-həramın təmizliyi və paklığı isə zahiri deyil, batini və mənəvi məsələdir. Deməli, bu ayədə müşriklərin murdarlığı deyilərkən onların batini murdarlığı nəzərdə tutulur. Ayədə “bu il” ifadəsi ilə hicrətin doqquzuncu ili nəzərdə tutulmuşdur. Yəni Əlinin (ə) Allah və Peyğəmbərin (s) müşriklərə nifrət etdiyini, Kəbə evinin ətrafında çılpaq təvaf edilməsinin, ümumiyyətlə, müşriklərin həcdə iştirakının qadağan edilməsinin elan etdiyi il nəzərdə tutulur[16]. Cizyə: “Cizyə” sözü “cəza” kəlməsindən götürülmüş, mənası İslam hökumətindən sığınacaq almış kitab əhlinin ödədiyi vergi deməkdir. Kitab əhli cizyəni İslam hökumətində canları və mallarının qorunması qarşılığında ödəyirdilər. Buna görə də cizyəni hakimiyyət altına alma haqqının bir növü hesab edənlər onun mahiyyətinə vara bilməmşlər. Onlar yaddan çıxarırlar ki, kitab əhli öhdəlik götürdükdən sonra İslam hökuməti onları bütün təcavüzlərdən və narahatlıqlardan qorumaq öhdəliyi götürür. Onlar cizyə ödədikləri üçün toxunulmazlıq və təhlükəsizlik təminatından istifadə etməklə yanaşı, döyüş meydanında iştirakdan da, bütün müdafiə və təhlükəsizlik təminatı xidmətlərində iştirak öhdəliyindən də azad edilirdilər. Buradan da onların müsəlmanlarla müqayisədə İslam hökuməti qarşısında daha az məsuliyyət daşıdığı məlum olur. Yəni onlar az miqdarda illik ödəmə ilə İslam hökumətinin bütün imkanlarından istifadə edə bilir və müsəlmanlarla eyni hüquqa malik olur, üstəlik təhlükələrdən də qorunurdular. Bir məsələni də qeyd etmək laızmdır ki, cizyə üçün konkret məbləğ təyin edilmirdi, onun miqdarı cizyə ödəyicisinin ödəmə imkanına əsasən müəyyən edilirdi. İslam tarixindən bizə gəlib çatmış məlumatlarda onun üçün minimum məbləğ təyin edildiyi, həmin məbləğin bəzən ildə bir dinardan çox olmadığı, hətta bəzən müqavilələrdə cizyə ödəyicilərinin imkanları daxilində ödəmə edə biləcəkləri qeyd edilirdi[17]. Üzeyir kimdir? Üzeyir şəxs adıdır. Yəhudilər ibri dilində ona Uzra deyirlər. O, yəhudilərin dinində islahat aparmış şəxsdir. Miladdan təxminən yarım əsr əvvəl Babil hökmdarı Buxtunnəsr yəhudilərin məskunlaşdığı əraziyə hücum etmiş, böyük məbədlərini dağıtmış, Tövratın lövhələrini yandırmış, kişiləri qılıncdan keçirmiş, qadınları, qocaları və uşaqları Babilə sürgün etdirmiş, yarım əsrə yaxın, yəni İran hökmdarı II Kirin Babili fəth etdiyi vaxta qədər onları Babildə saxlamışdır. II Kir Babili fəth etdikdən sonra Uzra onun yanına gedib yəhudilərin sürgündən azad etdirilməsini xahiş edir. II Kir Uzraya hörmət bəslədiyi üçün xahişini yerinə yetirmiş və yəhudilərin öz məskunlaşdığı əraziyə dönməsinə icazə vermişdir. Tövratın bütün nüsxələri məhv edildiyi üçün, onun yenidən toplanmasına göstəriş vermişdir. Üzra miladdan əvvəl 457-ci ildə bir toplu yazıb Tövrat adı ilə yəhudilərə yaydı. Əslində, bu Tövrat da sonradan məhv edilmiş və yüz illər sonra yenidən ayrı bir Tövrat yazılmışdır. Buna görə də Üzeyir yəhudilərə görə çox hörmətli və böyük şəxsiyyət olmuşdur. Bu hörmətlərinə görə onu “Allahın oğlu” adlandırmış, keçmiş kafirlər kimi, küfr və şirkə bulaşmış sözlər danışmışlar[18]. Kitab əhlinin alim və rahiblərinin Allahı əvəzinə seçdikləri tanrılar: İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir İmamdan (ə) bu ayə haqqında soruşduqda belə cavab vermişdir: “And olsun Allaha, yəhudi alimləri və xristian rahibləri yəhudi və xristianları özlərinə ibadət etməyə dəvət etmirdilər. Əgər özlərinə ibadət etməyə dəvət etsəydilər, camaat qəbul etməzdi. Lakin onlar Allahın haram buyurduğunu camaata halal, halal buyurduğunu isə haram edirdilər. Camaat da qəbul edirdi. Buna görə də yəhudi və xristianlar özləri də bilmədən öz alim və rahiblərinə ibadət edirdilər.”[19] Onlar Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq Öz nurunu tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün və qalib etmək üçün Öz Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur! Ey iman gətirənlər! (Kitab əhlinin) alimləri və rahiblərinin çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! Yığdıqları qızıl-gümüşün Cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacağı gün (onlara deyiləcək): “Bu, sizin özünüz üçün yığıb saxladığınız mallardır. Özünüz üçün yığıdığınızı dadın!” Allahın kitabına əsasən Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri on ikidir. Onların dördü haram aylardır. Bu, sabit və möhkəm dindir. Bu aylarda özünüzə zülm etməyin. Müşriklər sizə qarşı müttəfiq olub vuruşduqları kimi, siz də onlara qarşı bir yerdə vuruşun və bilin ki, Allah müttəqilərlədir! ——————————————————————————————- İslamın bütün dünyaya yayılacağı vədi: “Səff” surəsinin 9-cu ayəsində eyni, “Fəth” surəsinin 38-ci ayəsində isə azacıq fərqli söz və ifadələrlə təkrar edilmiş bu ayə daşıdığı əhəmiyyətin təkrar edilməyə səbəb olan mühüm bir hadisədən xəbər verir. İslamın bütün dünyaya yayılacağı deyilərkən onun bütün dünyanı əhatə etməsi nəzərdə tutulur. Bu məsələ hələ reallaşmamışdır. Lakin bu ilahi vədin tədricən reallaşmaqda olduğunu görməkdəyik. İslamın dünyada sürətlə yayılması, Avropanın ayrı-ayrı ölkələrində bu dinin rəsmi şəkildə tanınması, İslamın Amerika və Afrikada sürətlə yayılması, bir çox qeyri-müsəlman alimin İslamı qəbul etməsi və sair kimi faktlar İslamın bütün dünyanı əhatə edəcəyindən xəbər verir. İslam mənbələrində yer almış hədislərdə İslamın bütün dünyaya yayılacağı proqramının həzrət Mehdinin (ə) zühurundan sonra təkmilləşəcəyi xəbər verilmişdir. İmam Baqir (ə) bu ayənin təfsiri haqqında belə buyurmuşdur: “Bu ayədə olan vəd Ali-Mühəmmədin Mehdisinin (ə)” zühurundan sonra gercəkləşəcək. Həmin gün yer üzündə Mühəmmədin (s) haqq olduğunu etiraf etməyən adam qalmayacaq.” İslam peyğəmbəri (s) buyurmuşdur: “Yer üzündə elə bir ev qalmayacaq ki, Allah İslam adını oraya daxil etməsin.”[20] Allah yolunda xərcləməyən şəxslərin təhdid edilməsi: Bu ayədə “Allah yolunda xərcləmək” deyilərkən dinin əsasını möhkəmləndirən istənilən xərc nəzərdə tutulur. Yəni həmin xərc çəkilməsə, İslamın əsasına zərbə dəyəcək. Məsələn, cihad, qorunması vacib olan dini maraqlar, müsəlman cəmiyyətlərin parçalanmasının qarşısını almaq üçün İslamın ictimai məsələlərinə çəkilən xərcləri buna misal göstərə bilərik. Allah yolunda xərcləmək xüms və zəkat kimi vacib olan maliyyə hüquqlarına şamil olur ki, din onu dini toplumu möhkəmləndirmək üçün vacib etmişdir. Deməli, İslam toplumu ehtiyac duyduğu halda, kimsə sərmayəni və əlində olan nağd sərvəti gizlədərsə və Allah yolunda xərcləməkdən boyun qaçırarsa, Allahın şiddətli əzabını gözləsin. Mənbələrdə üçüncü xəlifənin zamanında Peyğəmbərin (s) böyük səhabəsi Əbuzərin üçüncü xəlifə Osman və Şam valisi Müaviyənin sərvət toplamasına və müsəlmanların beytülmalına qarşı etinasızlıq göstərdiyinə etiraz edərkən bu ayəyə istinad etdiyini, cavabında isə haqqı dediyi üçün xəlifənin onu Rəbəzəyə (quraq, susuz və heç bir yaşıllığı olmayan bir yerə) sürgün etdiyini, onun isə burada canını tapşırdığını oxuyuruq[21]. Haram aylar: Dörd haram ay – zilqədə, zilhiccə, məhərrəm və rəcəb aylarıdır. Bu ayların haram hesab edilməsi İbrahim peyğəmbərin (ə) dininə əsaslanır, sonradan ərəblər, hətta Cahiliyyət və bütpərəstlik vaxtlarında da bu ənənəni davam etdirmişlər. Bəzən il ərzində bəhanələr gətirərək onların yerini dəyişirdilər. Sonrakı ayədə məhz bu məsələyə işarə edilmişdir[22]. Bu dörd ayda qan tökülməsinin qadağan edilməsi rəcəbdə ümrə həccini yerinə yetirmək üçün Məkkəyə zəvvarların gəlməsi, zilqədə, zilhiccə və məhərrəm aylarında həcc mərasimini yerinə yetirmək üçün zəvvarların Məkkəyə gəlməsi və geri dönməsi ilə izah edilir. Bu dörd ayda müharibə edilməsinin və qan tökülməsinin qadağan edilməsi ibadət üçün buraya gələn insanların səfər əsnasında təhlükəsizliklərinin təmin edilməsi ilə bağlıdır[23]. İmam Baqirin (ə) səhabələrindən olan Zürarəyə istinad edilən bir məlumatda belə deyilir: “Mən Məscidül-həramda İbrahim məqamının arxasında İmam Baqirin (ə) yanında əyləşmişdim. İmam (ə) əbasını dizlərinə büküb onları sınəsinə sıxmış halda üzü qibləyə oturmuşdu. Bir qədər keçdikdən sonra buyurdu: “Bilin, ona baxmaq ibadətdir. Allah yer üzündə ondan daha sevimli və daha qiymətli yer yaratmamışdır.” Sonra əli ilə Kəbəyə işarə edərək buyurdu: “Allah haram ayları yer və göylərin ilk yarandığı vaxtdan Öz kitabında haram etmişdir. Onların üçü (zilqədə, zilhiccə, məhərrəm) dalbadal gəlir. Biri isə ümrə ziyarəti üçün haram edilmişdir.”[24] (Haram ayların) yerlərini dəyişmək, təxirə salmaq ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar azdırılarlar. Onlar Allahın haram etdiyi ayların müddətini düzəltmək, beləcə Allahın haram buyurduğunu halal etmək məqsədilə onu bir il halal, bir il haram sayarlar. Pis əməlləri onlara gözəl göstərlmişdir. Allah kafir qövmü doğru yola yönəltməz! Ey iman gətirənlər! Sizə “Allah yolunda cihada doğru hərəkət edin!” – deyildikdə nə üçün yerə yapışıb qaldınız? Yoxsa axirətdən imtina edib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir! Əgər (döyüş meydanına doğru) hərəkət etməsəniz, (Allah) sizə şiddətli bir əzab verər və başqa bir tayfanı sizin yerinizə gətirər. Siz isə Ona heç bir zərər verməzsiniz. Allah hər şeyə qadirdir! Əgər siz ona köməklik göstərməsəniz (də), Allah ona kömək edib. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən ikincisi olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və o öz yoldaşına: “Qəm yemə, Allah bizimlədir!” – dediyi zaman (tək qoymamışdı). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz qoşunlarla müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (dini) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! —————————————————————————————— Haram aylarla oyun oynamaq: Haram ayların yerlərini dəyişmək və təxirə salmaq cahil ərəblər arasında geniş yayılmış adətlərdən idi. Allah Quranda onların bu davranışını “küfrü artırmaq” kimi təqdim etmişdir. Çünki onlar, əslində, kafir və bütpərəst idilər. Allahın bu hökmünü dəyişmək və əvəzləmək onların küfrünün artmasına səbəb olurdu. Deyilənlərə görə, cahil ərəblər İbrahimin və İsmailin (Allahın salamı olsun onların hər ikisinə) dinindən gələn haram ayların hörmətini saxlayırmışlar. Lakin qarət etməyə və qan tökməyə alışdıqları üçün üç ay dalbadal dözə, qarət etmədən və qan tökmədən dayana bilməzmişlər. Buna görə də haram ayların yerini dəyişərmişlər. Məsələn, məhərrəm ayının haramlığını səfər ayına qədər təxirə salar, səfər ayını haram ay elan edib məhərrəmdə müharibə edərmişlər, sonra növbəti il məhərrəmi yenidən haram ay elan edərmişlər. Onlar bununla həm İbrahim (ə) ənənəsini qorumağa, həm də qətl və qarət əllərinin açıq olmasına çalışırmışlar[25]. Təbuk döyüşü müsəlmanlar üçün çətin imtahan olmuşdur: İbn Abbas və digəri bu və sonrakı ayənin Təbuk döyüşü haqqında nazil olduğunu qeyd etmişlər. Həmin vaxt Peyğəmbər (s) Taifdən Mədinəyə qayıtmış, müsəlmanları bizanslılarla müharibəyə hazırlamışdır. Qaynaqlarda döyüş başlamazdan əvvəl Peyğəmbərin (s) adətən döyüş hədəflərini və son məqsədini müsəlmanlara açıqlamadığı qeyd edilmişdir. Bununla o, hərbi sirlərin düşmən əlinə keçməməsinə çalışırdı. Lakin Təbukda vəziyyət fərqli olduğu üçün daha öncədən açıq şəkildə bizanslılarla döyüşəcəklərini elan etdi. Çünki Bizans imperiyası ilə müharibə Məkkə müşrikləri və Xeybər yəhudiləri ilə olan müharibəyə bənzəmirdi. Bu iş elə də sadə deyildi. Müsəlmanlar bu qarşılaşmaya tam hazırlıqlı olmalı idilər. Bundan əlavə, Mədinə ilə Təbukun arası (610 km) çox uzaq, üstəlik yay fəsli, dənli bitkilərin biçini və məhsul yığımı mövsümü idi. Bütün bunlar müsəlmanların döyüş meydanına getməsinə mane olacaq çətinliklər idi. Bəziləri Peyğəmbərin (s) dəvətini qəbul etməkdə tərəddüd edirdilər. Bu ayələr nazil olmuş, müsəlmanlara qəti xəbərdarlıq etmiş və təhlükə elanı verməklə onları bu böyük döyüşə hazırlamışdır[26]. Yersiz fəzilət uydurmaq: Bu ayədə Qüreyş müşriklərinin gizli planlarından xilas olmaq üçün Peyğəmbərin (s) gizlincə Məkkəni tərk etməsinə, Sur mağarasında gizlənməsinə, möcüzəli şəkildə müşriklərin əlindən xilas olmasına işarə edilmişdir[27]. Burada iki nüansa işarə edirik: Birincisi, ayədə “iki nəfərdən ikincisi” ifadəsi ilə Peyğəmbərin (s) təkliyinə və qəribliyinə işarə edilmişdir. Bu sözün digər şəxsin varlığı və kimliyi ilə heç bir əlaqəsi yoxdur. Ayənin ümumi məzmunu, əslində, belədir: Əgər siz Peyğəmbərə (s) köməklik göstərməsəniz, Allah bütün düşmənlərin Peyğəmbərə (s) qarşı arxa-arxaya verdikləri, öldürmək üçün hər tərəfdən onu mühasirəyə alıb qətlə yetirmək, onun isə Məkkəni tərk etməkdən başqa çarəsinin olmadığı, heç kəsin onunla bir yerdə olub köməklik etmədiyi, mağarada iki nəfərdən ikincisi olduğu, Peyğəmbərin (s) öz yol yoldaşı Əbu Bəkrə: “Bu gördüklərindən qəmgin olma! Çünki Allah bizimlədir, kömək Onun əlindədir”, – deyə buyurduğu vaxt kömək etmişdir. İkincisi, bu ayədə qeyd edilən yardımlar, yəni rahatlıq göndərilməsi, Peyğəmbərin (s) görünməz qoşunlarla gücləndirilməsi bitişən əvəzliklərə əsasən onun yoldaşına deyil, təkcə özünə aid olur[28]. Ağır da gəlsə, yüngül də, hərəkət edin, malınız və canınızla Allah yolunda cihad edin! Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Əgər yaxın qənimətlər və asan səfər olsaydı, onlar sənin ardınca gedərdilər. Lakin məşəqqətli yol onlara uzaq gəldi (deyə, boyun qaçırdılar). Tezliklə: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfər edərdik”,- deyə Allaha and içəcək və özlərini həlak edəcəkər. Allah isə onların yalançı olduqlarını bilir. Allah səni bağışladı! Nə üçün doğru danışanları və yalançıları tanımazdan əvvəl onlara icazə verdin? (Yaxşı olardı ki, onlar özlərini tanıtdırana qədər gözləyəydin.) Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etməmək barəsində səndən izn istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır! Səndən izn istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhə içində olanlardır. Onlar öz şübhələrində çaşqındırlar. Əgər onlar (doğrudan da, cihada) çıxmaq istəsəydilər, ona hazırlıq görərdilər. Lakin onların davranışı Allaha xoş gəlmədi, buna görə də (cihada çıxmaqlarına) mane oldu. Onlara: “(Evdə) oturanlarla (qocalar, xəstələr və uşaqlarla bərabər) siz də oturun!” – deyildi. Əgər sizinlə birlikdə (cihad meydanına doğru) çıxsaydılar, sizdə yalnız narahatlıq və tərəddüdü artırar, sürətlə aranızda fitnə və təfriqə salardılar. Aranızda onların sözlərinə qulaq asan adamlar var. Allah zalımları tanıyandır! ——————————————————————————————– Cihadda iştiraka mane olan amillər: Yüngüllük və ağırlıq deyilərkən, insanın Allah yolunda cihad etməsinə mane olan amillər nəzərdə tutulur. Başın dünya və maliyyə işlərinə qarışması, ailə, övlad, qohumlar və dostların sevgisi, onlardan ayrı qala bilməmək, silah və ya müharibəyə getmək üçün yol tədarükünün olmaması və s. buna misal göstərmək olar. Belə problemləri olan insan ağır yüklü, olmayan isə öhdəliyi az olan insan hesab edilir. Ayədə nə olursa olsun, birinci və ikinci şəraitin olmasından asılı olmayaraq, cihad meydanına doğru hərəkətə keçmək əmri verilmişdir[29]. Allahın Peyğəmbəri (s) danlamasının səbəbi: Peyğəmbərin (s) məsum olmasını qəbul etməyən insanlar bu cür ayələrə istinad edərək Peyğəmbərin (s) bu cür vəziyyətdə verdiyi icazənin ilahi məsləhətin ziddinə olduğunu iddia edirlər. Yəni Peyğəmbərin (s) bu hərəkəti xəta və yanlış olmuş, lakin Allah onu bağışlamışdır. Onun məzəmmət edildiyi və qınandığı “Allah səni bağışladı! Nə üçün doğru danışanları və yalançıları tanımazdan əvvəl onlara icazə verdin?” ayəsinə diqqətlə nəzər saldıqda, görünür ki, Peyğəmbərin (s) Mədinədə münafiqlərə icazə verməsi yanlış olmuşdur. Allah isə onu əfv etmişdir. Yoxsa əfvin nə mənası var idi? Buna görə də bəziləri Peyğəmbərin (s) əqli və nəqli dəlillərlə sübuta yetən məsumluğuna xələl gəlməsinin qarısını almaq üçün Peyğəmbərin (s) bu icazə ilə “daha yaxşını tərk etdiyini” (tərki-övla) iddia etməyə çalışmışlar. Yaxşı olardı ki, ümumiyyətlə, icazə verməyəydi. Əvf sözü günah üçün işləndyi kimi, tərk edilməsi daha yaxşı olan işdə də istifadə edilir. Əslində, belə bir cavabın verilməsinə ümumiyyətlə, ehtiyac yoxdur. Ayənin zahiri məzmunu mövcud şübhəni aradan qaldırmağa kifayət edir. Ayələr özü Peyğəmbərin (s) icazəsinin yüzdə-yüz doğru və məsləhət olduğunu göstərir. Fərz edək ki, Peyğəmbər (s) onlara icazə verməsəydi və onların Mədinədə qalmasını qadağan etsəydi, o zaman iki haldan biri baş verəcəkdi: ya onun əmrinə itaət göstərib qoşuna qoşulacaq, müsəlmanların sıralarında yer alacaq və cəbhəyə doğru yola düşəcəkdilər, ya da onun əmrindən boyun qaçırıb, açıq şəkildə itaətsizlik göstərəcəkdilər. Şübhəsiz ki, hər iki vəziyyətdə fəsad baş verəcəkdi. Çünki 47-ci ayədə açıq şəkildə qeyd edildiyi kimi, qoşun arasına yalnız fitnə və təfriqə salacaq, qoşunu bir-birinə vuracaqdılar. Nəticədə, onların törədəcəkləri cinayət cihaddan yayınma cinayətindən daha ağır olacaqdı. İkinci halda, yəni Peyğəmbərin (s) əmrindən boyun qaçırıb Mədinədə qalacaqları təqdirdə Peyğəmbərin (s) heybəti və əzəməti kiçiləcək və yavaş-yavaş münafiqlərin cürət və cəsarətləri daha da aşkar səciyyə alacaqdı. Buna görə Peyğəmbər (s) Allahın verdiyi bəsirət və ayıqlıq sayəsində münafiqlərin Mədinədə qalmasına icazə verdi və bununla da hər iki cinayətin qarşısını almış oldu. “Nə üçün icazə verdin?” cümləsində məzəmmət olsa da, əslində, məzəmmətin obyekti Peyğəmbər (s) deyil, münafiqlərdir. Yəni münafiqlərin vəziyyəti, onların riyakarlığı və yalanları o qədər açıq-aşkardır ki, kiçik bir sınaq onların riyakarlıq pərdəsinin qalxması üçün kifayət edir. Yəni Peyğəmbərin (s) icazə verməməsi vəziyyətin aydınlaşması üçün kifayət idi. Gördüyümüz kimi, etiraz əsasən münafiqlərə yönəlmişdir. Sanki Allahın burada demək istədiyi budur ki, ya Peyğəmbər, onlar yalançı və boşboğazdırlar, sən onların yalanlarının üstünü örtdün, əgər icazə verməsəydin, onların yalanı aşkara çıxacaqdı. İcazə verməmək möminlə münafiqin ayrılma səbəbi olsa da, məsələnin bir tərəfi idi. Məsələnin digər tərəfi yuxarıda qeyd etdiyimiz kimi, daha mühüm idi. Gördüyümüz kimi, burada hətta “daha yaxşının tərk edilməsi” də baş verməmişdir. Ayə başqa bir hədəfi izləyir. O da Peyğəmbərə (s) qarşı olan lütfkarlıq və mehribanlığı ifadə edir. Sanki ayənin çatdırmaq istədiyi budur ki, ey Peyğəmbər, nə üçün bu dərəcədə mülayimlik, yumşaqlıq etdin, həya və təvazökarlıq göstərib onlara icazə verdin, düşmənlərinin çirkli mahiyyətinin hər kəsə məlum olmasına icazə vermədin, dost və düşməninin bir-birindən seçilməsinə razı olmadın? Bu sərt xitabların hədəfi yalançı münafiqlərdir, lakin sonsuz sevgi təzahürü olaraq ən əziz insanlara ünvanlanmış danlaq libasında düşmənin rüsvay olmasına mane olmuşdur. Əlbəttə, bu cür danışıq incəliklərini böyük insanların onlara daha əziz olan insanlarla danışıq tərzindən xəbəri olanlar başa düşə bilər[30]. Onlar əvvəl (də) fitnə törətmək istəmiş və sənin işlərini bir-birinə vurmuşdurlar. Nəhayət, onlar istəmədikləri halda, haqq gəldi və Allahın əmri aşkar oldu. Onların bəzisi deyir: “Bizə icazə ver (döyüşdə iştirak etməyək), bizi günaha batırma!” Bilin ki, onlar (elə indi də) günahda süquta uğrayıblar. Cəhənnəm kafirləri əhatə edib! Sənə bir yaxşılıq üz versə, onlar narahat olur. Sənə bir müsibət üz versə: “Biz tədbirimizi qabaqcadan görmüşük!” deyər və sevincək halda dönüb gedərlər. De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir hadisə üz verməz. O, bizim rəhbərimiz və himayəçimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən birinin gəlməsinimi gözləyirsiniz? İndi ki belədir, siz gözləyin, biz də sizinlə birlikdə gözləyək!” De: “İstər könül xoşluğu ilə olsun, istərsə də zorla, Allah yolunda xərcləyin. Onsuz da sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfa idiniz. Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namazı tənbəl-tənbəl qılmaları və narazı-narazı xərcləmələridir. —————————————————————————————— Münafqləri tanıma yollarından biri: Bəzi təfsirçilərin yazdığına görə, Peyğəmbər (s) müsəlmanları Təbuk döyüşünə hazırladığı və cihada çağırdığı vaxt münafiqlərdən, hətta onların öndə gedənlərindən və Bəni-Sələmə tayfa başçılarından olan Cədd ibn Qeys Peyğəmbərin (s) yanına gələrək dedi: Əgər icazə verirsənsə, mən bu döyüşdə iştirak etməyim. Çünki qadınlara qarşı çox həssasam. Xüsusilə, əgər bizanslı qızları görsəm, ürəyim əldən gedər, onlara heyran olub cihaddan əl çəkə bilərəm. Peyğəmbər (s) ona icazə verdi. Elə həmin vaxt bu ayə nazil oldu və həmin adamı ittiham etdi. Peyğəmbər (s) üzünü Bəni-Sələmə tayfasından olan dəstəyə tutub dedi: “Böyüyünüz kimdir?” Dedilər: “Cədd ibn Qeys, ancaq o, paxıl və qorxaq adamdır.” Peyğəmbər (s) buyurdu: “Paxıllıqdan pis dərd ola bilməz!” Sonra belə buyurdu: “Sizin böyüyünüz ağ bənizli Bişr ibn Bərradır.” Bu ayədən belə məlum olur ki, münafiqləri tanımağın yolları onların üzərlərinə düşən vəzifədən boyun qaçırmaq üçün gətirdikləri əsaslar və bəhanələrdir. Bu bəhanə formaları onların daxili dünyasından xəbər verir. Onlar daha mühüm məsələlərdən yayınmaq, möminləri aldatmaq üçün çox cılız, bəzən də gülüş doğuran sözlər deyir, onların fikirlərindən, dini mövzulardan, Allah və Peyğəmbərinin göstərişlərindən istfadə edirlər. Halbuki günah içində itib-batır, əllərinə qılınc götürüb Peyğəmbəri (s) və onun dinini qılınclayırlar[31]. Cəhənnəmin kafirləri əhatə etməsi: Təfsirçilər bu cümlə ilə bağlı müxtəlif fikirlər söyləmişlər. Bəziləri bu cümlədə insanı Cəhənnəmə sürükləyən səbəb və vasitələrə eyham edildiyini qeyd etmişlər. Bəziləri hesab edir ki, bu, gələcəkdə, mütləq, baş verəcək hadisənin keçmiş zaman formasında işlənməsi prinsipinə əsaslanır. Yəni gələcəkdə Cəhənnəm onları, mütləq, əhatə edəcək. Bir ehtimal da ondan ibarətdir ki, Cəhənnəm indi də mövcuddur, bu dünyanın batinindədir, Cəhənnəm əhli onun içindədir. Habelə Cənnət də indi mövcuddur, bu dünyanın batinindədir, Cənnət əhlini əhatə edir[32]. Saqinin hər süzdüyü gözəllik, incəlik və sevgidir: Bu ayədən bu dünyanın əsl sahibinin Allah olduğu, heç kəsin Onun iradə və ixtiyarından kənar olmadığını ifadə edən mühüm tövhid həqiqəti başa düşülür. Əgər insan bu həqiqətə inanırsa, şübhəsiz ki, Allaha təvəkkül edir, özünü Allahın istəyinə təslim edir, artıq çətinliklər və müsibətlər qarşısında etiraz etmir, hər hansı nemətə malik olduqda fəxr etmir, qürurlanmır.[33] Yazırlar ki, İmam Hüseynin (ə) ailəsini əsir aldıqdan sonra İbn Ziyad həzrət Zeynəbə (Allahın salamı olsun ona) deyir: “Allahın qardaşının başına nələr gətirdiyini gördünmü?” Xanım isə belə cavab verir: “Mən gözəllikdən başqa bir şey görmədim.” Allah onların qətlini müqəddər etdi, onlar da qətlə yetiriləcəkləri yerə tələsdilər[34]. Münafiqlərin yalandan ibadət etməsi: Bu ayəyə əsasən belə nəticəyə gəlmək olar ki, insanların təkcə namaz və oruclarına aldanmaq olmaz. Çünki münafiqlər həm namaz qılır, həm də camaatın gözündə Allah üçün xərcləyirlər. Münafiqlərin namazları və xeyriyyəçilikləri ilə həqiqi möminlərin pak və təmiz əməllərini fərqləndirmək lazımdır. Davranışlarına diqqətlə nəzər saldıqda bunu görmək olar. Hədislərin birində belə nəql edilir: “Camaatın təkcə uzun-uzadı rüku və səcdələrinə baxmayın. Çünki bu, vərdişdən irəli gələ bilər və onu tərk etmək də onlarda narahatlığa səbəb olar. Onların doğru danışmasına və əmanətdar olmasına fikir verin.” Doğru danışmaq və əmanətdar olmaq imandan qaynaqlanır. Halbuki vərdiş edilmiş rüku və səcdələr münafiqliyə uyğundur[35]. Onların malları və oğul-uşağı səni təəccübləndirməsin. Allah onlara dünya həyatında bu vasitə ilə əzab vermək, kafir olduqları halda, canlarını almaq istəyir. Sizdən olmadıqları halda, sizdən olduqları barədə Allaha and içirlər. Lakin onlar qorxaq bir zümrədir. (Sirləri faş olmasın deyə, yalandan and içirlər.) Əgər onlar bir sığınacaq və ya mağara, yaxud yeraltı bir yol tapsalar, tələsik oraya doğru qaçarlar. Onların arasında sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər ondan (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, qəzəblənərlər. (Halbuki) Allah və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Tezliklə Allah və Rəsulu bizə lütfündən bəxş edəcək. Biz yalız Onun razılığını istəyirik!” – desəydilər (onlar üçün yaxşı olardı). Zəkatlar Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, miskinlərə, zəkatın toplanması üçün zəhmət çəkən işçilərə, sevgi və rəğbətlərinin qazanılmasına səy göstərilən insanlara, (azad edilməsi üçün) qullara, həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda (Onun dinini gücləndirmək üçün) və yolda qalan yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir! (Münafiqlər) Peyğəmbəri incidib: “O, sadəlövh adamdır”, – deyən şəxslərdir. De: “Onun sadəlövh olması sizin xeyrinizədir. (Ancaq bilin ki,) o, Allaha inanır, (yalnız) möminləri təsdiq edir. O, sizdən iman gətirənlər üçün rəhmətdir.” Allahın Rəsulunu incidənləri şiddətli bir əzab gözləyir!” —————————————————————————————– 60. Zəkatın xərcləndiyi yerlər: Bu ayədə sədəqələr deyilərkən vacib buyurulmuş sədəqələr, yəni zəkat nəzərdə tutulur. Zəkat müsəlman cəmiyyətinin iqtisadi vəziyyətinin sağlam olmasında çox mühüm və əsaslı rol oynayan mühüm İslam hökmlərindəndir. Hədislərdə bu vacib əmrə çox böyük əhəmiyyət verilmiş, onun tərk edilməsi kəskin şəkildə qadağan edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bütün insanlar öz mallarının zəkatını versələr, yoxsul və ehtiyaclı müsəlman qalmaz… İnsanlar yalnız sərvəti olan insanların günahı ucbatından yoxsul, ehtiyaclı, ac və çılpaq qalırlar.”[36] Bu ayədə zəkatın səkkiz istifadə yerinin olması qeyd edilmişdir: 1. Yoxsullar; 2. Miskinlər. (Yoxsulla miskinin fərqini izah edərkən bildirirlər ki, yoxsul işləməsinə və çalışmasına baxmayaraq, maliyyə çatışmazlığı olan, lakin heç kəsdən kömək diləməyən şəxsə deyilir. Miskin isə ehtiyacı çox olan, işləyə bilməyən, buna görə də başqalarından köməklik istəyən şəxsə deyilir); 3. Zəkatı toplayan işçilər. (Bunlar zəkatın toplanması və İslam xəzinəsinin idarə edilməsi işlərində çalışan insanlara deyilir. Onlara ödənilən məbləğ, əslində, əməkhaqqı hesab edilir. Bu adamlarda yoxsulluq əsla şərt deyil); 4. Sevgi və rəğbətlərinin qazanılmasına səy göstərilən insanlar. (İslamın maraqlarının inkişaf etdirilməsi üçün güclü mənəvi marağı olmayan insanların sevgisini cəlb etmək üçün maliyyə stimulu vermək); 5. Qulların azad edilməsi. (Zəkatın bir hissəsi quldarlıqla mübarizəyə və humanizmə zidd olan bu mövzuya son qoyulması üçün sərf edilir); 6. Borcu olanların, heç bir təqsir və günahı olmadan borc yükü altında qalmış, borcunu ödəməyə imkanı çatmayan insanların borcunun ödənilməsi; 7. Allah yolunda. (Cihad, təbliğat və sair olmasından asılı olmayaraq Allah dininin gücləndirilməsinə və inkişafına şamil bütün yollar nəzərdə tutulur); 8. Yolda qalmışlar. (Hər hansı səbəbdən yarı yolda qalmış, mənzil başına çatmaq üçün kifayət qədər ehtiyatı, miniyi, səfər tədarükü olmayan, əslində yoxsul olmasalar da, qarətə məruz qaldıqları, xəstələndikləri, əllərində olan vəsaitin hər hansı səbəbdən tələf olması və ya istənilən halda bu vəzyyətə düşmüş müsafirlər. Belə insanlara zəkatdan mənzil başına gedib çata biləcəkləri qədər malyyə yardımı edilir)[37]. Sadəlövh yox, alicənab peyğəmbər: Qumminin təfsirində bu ayənin nazilolma səbəbi haqqında belə qeyd edilmişdir: “Abdullah ibn Nəbtəl adlı bir münafiq Peyğəmbərin (s) yanında əyləşib ona qulaq asır, sözlərini digər münafiqlərə çatdırır və sözgəzdirənlik edirdi. Həzrət Cəbrail (ə) nazil olub buyurdu: “Ey Mühəmməd, münafiqlərdən biri sözgəzdirənlik edir, sənin sözlərini münafiqlərə çatdırır.” Peyğəmbər (s) buyurdu: “O, kimdir?” Cəbrail: “Qaraüzlü, qalınsaçlı bir insandır. Gözləri sənə zillənmiş sanki iki qara qazandır. Səninlə söhbət edir.” Peyğəmbər (s) həmin kişiyə xəbərdarlıq edib Cəbrailin (ə) sözlərini ona çatdırdı. Lakin o and içib bu işlə məşğul olmadığını dedi. Peyğəmbər (s) ona buyurdu: “Mən səndən qəbul etdim, sən belə etmə!” O isə münafiq dostlarının yanına qayıtdıqdan sonra onlara dedi: “Mühəmməd sadəlövh adamdır. Allah ona xəbər verdi ki, mən sözgəzdirənəm, onun sözlərini başqalarına danışıram, o isə qəbul etmədi. Hələ üstəlik mən də ona deyəndə ki belə bir iş tutmamışam, heç bir söz danışmamışam, mənə inandı.” Bu zaman bu ayə nazil oldu. Yəni Peyğəmbər (s) ona nazil olanı təsdiq edir, sizin sözlərinizi və üzrlərinizi də qəbul edir. Əslində, işin mahiyyətindən xəbərdardır və sizi də təsdiq etmir[38]. Onlar sizi razı salmaq üçün Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki,) Allah və Onun Peyğəmbərinin razılığını qazanmaq daha yaxşıdır! Məgər Allah və Onun Peyğəmbəri ilə düşmənçilik aparan şəxs onu içində əbədi qalacağı Cəhənnəm odunun gözlədiyini bilmirmi? Bu, böyük rüsvayçılıqdır. Münafiqlər özlərinə qarşı, ürəklərində olan sirlərlərdən xəbər verəcək bir surənin nazil ediləcəyindən qorxurlar. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!” Əgər onlardan soruşsan (ki, “bu səhv addımı nə üçün atdınız?”): “Biz ancaq zarafatlaşıb əylənirdik”,- deyə cavab verərlər. De: “Allahı, Onun ayələrini və Peyğəmbərini məsxərəyə qoyursunuz?!” (De: Əbəs yerə) üzr istəməyin. (Çünki) siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Sizlərdən bir qismini (tövbə etdiyi üçün) əfv etsək də, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik! Münafiq kişilərlə münafiq qadınların hamısı eynidir. Onlar pis işlər görməyi əmr, yaxşı işləri qadağan edərlər. Əllərini də sıxarlar (xəsislik edərlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Münafiqlər fasiqlərdir! Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu, onlara kifayətdir. Allah onları Öz rəhmətindən uzaq salıb və onları daimi bir əzab gözləyir! ——————————————————————————————- Münafiqlər tərəfindən Peyğəmbərə (s) qarşı qətl planının hazırlanması: Bu və sonrakı bir neçə ayənin nazilolma səbəbilə bağlı bir neçə fikir mövcuddur. Onların arasında bu ayələrin məzmununa daha çox uyğun gələni İbn Keysana istinad edilən hədisdir. Həmin hədisdə belə deyilir: “Bu ayələr Təbuk döyüşündən qayıdarkən Peyğəmbəri (s) qətlə yetirmək qərarına gələn on iki nəfər münafiq haqqında nazil olmuşdur. Bu münafqlər bir keçidin yuxarısında pusqu qurub, Peyğəmbər (s) həmin keçidə çatanda qəfildən hücum çəkib onu qətlə yetirməyi planlaşdırmışdılar. Cəbrail (ə) Peyğəmbəri (s) bu plandan xəbərdar edib ona göstəriş verdi ki, bir neçə nəfəri onların yanına göndərsin və onlar da gedib münafiqələrin dəvələrinin üzünə və başına vurub bu mənfur planlarının həyata keçməsinə mane olsunlar. Təbukdan qayıdarkən Əmmar Yasir Peyğəmbərin (s) miniyinin yüyənindən tutmuş, Hüzeyfə ibn Yəman isə arxadan gedirdi. Bu vaxt üzlərini bağlamış münafiqlər yetişdilər. Peyğləmbər (s) Hüzeyfəyə: “Onların miniklərinin üzlərinə vurub uzaqlaşdır”, – deyə göstəriş verdi. Hüzeyfə belə də etdi. Peyğəmbər (s) həmin keçiddən xəta-bəlasız keçdikdən sonra Hüzeyfədən: “Bildin hansı qəbilədən, hansı tayfadan idilər?”, – deyə soruşduqda Hüzeyfə: “Heç birini tanımadım”, – deyə cavab verdi. Peyğəmbər (s): “Filankəs, filankəs, flankəs…” deyib onların hamısının adını açıqladı. Hüzeyfə dedi: “Nə üçün bir dəstə göndərib onları öldürtmürsən?” Peyğəmbər (s) buyurdu: “İstəmirəm ərəblər desin ki, Mühəmməd öz səhabələrinə qalib gəldikdən sonra onları qətlə yetirdi.” Oxşar məlumat İmam Baqirə (ə) istinad edilən bir hədisdə də öz əksini tapmışdır. İmam Baqirə (ə) istinad edilən hədisdə əlavə olaraq belə qeyd edilmişdir: “Onlar öz aralarında Peyğəmbəri (s) qətlə yetirməklə bağlı məşvərət edərkən belə qərara gəldilər ki, əgər Peyğəmbər planımızdan xəbər tutsa, deyərik ki, zarafat edirdik, yox əgər xəbər tutmasa, öldürərik.”[39] Münafiqlərin günahlarından pis olan üzrləri: Münafiqlərin əli boşa çıxdıqdan və planları heç bir nəticə vermədikdən sonra Peyğəmbər (s) onlardan qurduqları pusqu və gözlənilməz hücumları haqqında soruşduqda deyirlər: Bizim pis bir nyyətimiz yox idi. Vəziyyət siz şübhələndiyiniz kimi deyil. Biz oyun oynayıb əylənirdik, niyyətimiz ciddi deyildi. Allah, Peyğəmbərinə (s) onlara belə deməsini göstəriş verir: “Günahınızdan daha pis bir üzr gətrirsiniz?” Hazırladığınız mənfur plan günah idi. Peyğəmbəri məsxərəyə qoymaq üçün uydurduğunuz bu üzr isə başqa bir günahdır, Allaha, Onun Peyğəmbərinə və ayələrinə qarşı küfrdürş.”[40] Münafiqlər Allahın rəhmətindən uzaqdırlar: Təbii ki, Allahın unutması həqiqi deyil, məcazi mənada deyilmiş bir ifadədir. Yəni Allah onlarla unutqan bir insan kimi davranır, onlara heç bir rəhmət və uğur nəsib etmir. Bu cür ifadələrdən gündəlik həyatamızda da istifadə edirik. Məsələn, deyirik: Sən öz üzərinə düşən vəzifəni unutduğun üçün biz də vaxtında ödəmə etməyi unudacağıq. Yəni sənə haqq ödəməyəcəyik. Bu fikri təsdiq edən məzmuna Əhli-Beyt (ə) hədislərində də çox rast gəlmək olar[41]. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Yəni onlar bu dünyada Allahı unutduqları, Ona itaət göstərmədikləri, Ona və Peyğəmbərinə (s) iman gətirmədikləri üçün Allah da onları axirətdə unudacaq. Yəni onlara savab yazmayacaq, yaxşılıq və rəhmət bölgüsündə onlar unudulmuşlardan hesab ediləcəklər.”[42] (Ey münafiqlər!) Siz (nifaq salmaqda) özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət və övlad baxımından daha artıq idilər. Onlar öz nəsiblərindən bəhrələndilər. Siz də öz nəsibinizdən sizdən əvvəlkilər kimi bəhrələndiniz. Siz də onlar kimi (küfr, nifaq və möminləri istehza etmək yolunda) batdınız. Onların əməlləri dünyada da, axirətdə də puça çıxmışdır. Ziyana uğrayanlar məhz onlardır! Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin (Şüeybin qövmünün) və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar dəlillər gətirmişdi. Allah onlara zülm edən deyildi, onlar özləri özlərinə zülm edirdilər. Mömin kişilərlə mömin qadınlar bir-birinin dostudurlar (yardımçılarıdırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah tezliklə onları Öz rəhmətinə qovuşduracaq. Allah yenilməz qüvvət, hikmət sahibidir! Allah mömin kişilərə və qadınlara ağacları altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Əbədi cənnətlərdə pak məskənlər və Allahın razılığı daha üstündür. Böyük qələbə də budur! ——————————————————————————————- Lut qövmü və alt-üst olmuş şəhərlər: “İtikaf” sözündən düzəlmiş “mötəfikat” sözünün mənası çevrilmə və alt-üst olmaqdır. Bu sözlə Lut qövmünün güclü zəlzələ nəticəsində alt-üst olmuş şəhərlərinə işarə edilmişdir[43]. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: “Bu, məskənləri alt-üst olan Lut qövmüdür. Onların məskənlərinin ən hündür nöqtələri ən alçaq nöqtələrinə çevrildi.”[44] Möminlər bir-birinin dost və yardımçılarıdırlar: Bu ayə ilə 67-ci ayəni müqayisə etdikdə diqqət yetirilməsi lazım olan məqamlardan biri budur ki, 67-ci ayə hamısı bir qrupdan olan münafiqlər haqqındadır. Yəni münafiqlər bir sırada yer alsalar da, xüsusiyyət və proqramarda ortaq olsalar da, aralarında dostluq, yoldaşlıq, bir-birinə həqiqi mənada yoldaşlıq etmək ruhiyyəsi yoxdur. Hər hansı birinin şəxsi maraqları təhlükəyə düşərsə, hətta dostlarına da xəyanət edərlər. Buna görə də “Həşr” surəsinin 14-cü ayəsində belə buyurulmuşdur: “Münafiqlərin bir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır.” Lakin möminlərdən bəhs edən ayədə onların vəhdətdə və bir olduqları qeyd edilir. Yəni dağınıq olmalarına baxmayaraq, sanki bir bədən kimidirlər. Buna görə də onlar bir-birinin işini öz üzərlərinə götürür, qaydaya salır, özünün və cəmiyyətin pislik və günahdan islahı üçün bir-birinə yaxşını əmr, pisi qadağan edirlər. Hər kəs digəri üçün məsuliyyət daşıdığını düşünür[45]. Ədn cənnətlərinin sakinləri: “Ədn” sözünün leksik mənası bir məkanda qalmaq, məskunlaşmaqdır. “Ədn cənnətləri” deyilərkən yaşamaq, məskunlaşmaq və əbədi qalmaq üçün nəzərdə tutulan bağlar başa düşülür[46]. Hədislər və təfsirçilərin sözlərindən “Ədn cənnətləri” deyilərkən Allahın mükafat verdiyi Cənnətin xüsusi bir yerinin nəzərdə tutulduğu başa düşülür. İslam peyğəmbəri (s) Ədn cənnətləri haqqında danışarkən belə buyurmuşdur: “Ədn heç bir gözün görmədiyi, heç kəsin ağlına gələ bilməyəcəyi bir yerdir. Orada yalnız üç qrup insan məskunlaşacaq: peyğəmbərlər, siddiqlər və şəhidlər.” Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Mənim kimi yaşamaq və mənim kimi ölmək, Allahın mənə vəd verdiyi bağda, yəni ağaclarını Öz əlləri ilə əkdiyi, “ol”, – deyə əmr etdiyi və bu əmrlə yaranan Cənnət bağlarında məskunlaşmaq istəyən şəxs Əli ibn Əbutalibi (ə), ondan sonra isə onun övladlarını sevsin!”[47] Allahın razılığı Cənnətdən daha şirindir: İmam Səccad (ə) bu ayə haqqında belə buyurmuşdur: “Cənnət əhli Cənnətdə öz yerlərini aldıqdan, Allah dostu öz evlərinə və bağına getdikdən və hər bir mömin öz taxtına söykəndikdən sonra xidmətçiləri onları əhatə edəcək, üstü meyvələrlə dolu ağaclar budaqlarını onlara tərəf əyəcək, hər tərəfdən bulaqlar qaynamağa başlayacaq, onun taxt və sarayı altından çaylar axacaq, onun üçün xalılar səriləcək, yastıqlar qoyulacaq, istədiyini dilinə gətirməzdən əvvəl xidmətçilər hazır edəcək, cənnətlərdən ona hurilər gətiriləcək… Cabbar olan Allah onlara təcəlla edərək buyuracaq: “Ey Mənim dostlarım, ey Mənə itaət göstərənlər, ey Mənə qonşu olan Cənnət sakinləri, Mən sizə içində olduğunuzdan daha yaxşı olan bir şey haqqında xəbər verimmi?” Cənnət əhli deyəcək: “İlahi, bizim indi olduğumuz vəziyyətdən daha yaxşı nə ola bilər? Hansı nemətləri istəyiriksə, gözün zövq aldığı nə varsa, Sənin mərhəmətin sayəsində mövcuddur.”Allah-taala həmin sualı yenə təkrar edəcək. Cənnət sakinləri deyəcəklər: “İlahi, biz indi içində olduğumuzdan daha gözəlini bizə nəsib et!” Allah buyuracaq: “Mənim sizdən razı olmağım və Mənim sizə qarşı sevgim siz içində olduğunuzdan daha üstün və daha yaxşıdır.” Cənnət əhli deyəcək: “Bəli, ey Rəbbimiz, Sənin bizdən razı olmağın və Sənin bizə qarşı sevgin bizim üçün daha yaxşı və daha şirindir.”[48] Ya Peyğəmbər! Kafir və münafiqlərlə vuruş! Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Necə də pis aqibətdir! Allaha and içirlər ki, (Peyğəmbərin arxasınca nalayiq sözlər) deməyiblər. Halbuki onlar küfr söz danışmış, İslamı qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə girişmişdilər. İntiqam almalarının yeganə səbəbi Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları ehtiyacsız etməsidir. (Bununla belə,) əgər tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzabla cəzalandıracaq. Yer üzündə onların nə bir dostu, nə bir himayəçisi, nə də bir imdada yetəni var! Bəzisi Allahla belə əhd etmişdi: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz, mütləq, sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən (və şükür edənlərdən) olacağıq”. Ancaq Allah Öz nemətindən onlara bəxş etdikdə xəsislik etdilər, boyun qaçırdılar və üz döndərdilər. Allaha verdikləri vədi pozduqlarına və yalan danışdıqlarına görə Allah da onların ürəyinə Allahla qarşılaşacaqları günə qədər nifaq saldı. Məgər bilmirdilər ki, Allah onların sirlərini də, gizli danışıqlarını da bilir və Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?! İtaət göstərib könüllü surətdə sədəqə verən möminlərə eyib tutanları və yalnız imkanları daxilində verə bilən şəxsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar! ——————————————————————————————– Münafiqlərin yalan və nifaqlarının ifşası: Peyğəmbərə (s) qarşı hazırlanmış sui-qəsd planı boşa çıxdıqdan sonra sui-qəsdçilər hadisəni zarafat və rişxənd kimi qələmə verərək deyirlər: “Bizim pis bir niyyətimiz yox idi.” Onlar belə danışaraq özlərini təmizə çıxarmaq istəyirdilər. Peyğəmbər (s) bu təhqiramiz sözlərinə görə onları məzəmmət edir. Onların dərhal rəngi dəyişir və and içirlər ki, belə söz deməyiblər. Allah-taala bu ayədə onların hər iki yalanının üstünü açır, “Biz belə bir söz deməmişik” sözlərinə “onlar küfr söz danışıblar”, – deyə cavab vermiş, utancverici hiyləni inkar etmələrinə isə “müvəffəq ola bilmədikləri bir işə girişmişdilər”, – deyə cavab vermişdir[49]. Münafiqlərin Allah və Peyğəmbərin (s) lütfkarlıqlarına qarşı naşükürlükləri: Şübhəsiz ki, Allahın lütfü, İslam hökmü və Peyğəmbərin (s) xidmətləri sayəsində münafqlərin ehtiyacsız olması və ehtiyaclarının aradan qalxması intiqama səbəb ola biləcək bir hal deyil, əksinə, buna görə şükür və təşəkkür etmək lazımdır. Lakin bu pis xislətli naşükürlər xidmət və nemətə cinayətlə cavab vermək istəyirdilər. Bu gözəl və bədii ifadə tərzindən danışıqda və yazıda çox istifadə edilir. Məsələn, uzun illər xidmətində durduğumuz bir insan bu xdmətlərin əvəzində bizə xəyanət etdikdən sonra deyirik: Günahımız yalnız bu idi ki, sənə sığınacaq verdik, yüksək məhəbbət və qayğı göstərdik[50]. İbrətamiz bir hadisə: Hədis və rəvayətlərdə bu və sonrakı ayələrin Sələbə ibn Hatib haqqında nazil olduğu qeyd edilmişdir. Çox yoxsul olan bu adam bir gün Peyğəmbərin (s) yanına gəlib ondan varlanması üçün dua etməsini istəyir. Peyğəmbər (s) ona sadə həyat tərzini davam etdirməsini, Peyğəmbərdən (s) nümunə götürməsini tövsiyə edir. Lakin Sələbə israrla Peyğəmbərdən (s) bu duanı etməsini rica edir və and içir ki, əgər Allah ona sərvət bəxş etsə, həmin sərvətin bütün vacib vergilərini ödəyəcək. Peyğəmbər (s) onun üçün dua edir və bir müddətdən sonra Sələbə sərvət və çoxlu qoyun sahibi olur. Qoyunları o qədər çoxalır ki, artıq onları Mədinədə saxlaya bilmir, buna görə də Mədinədən kənar bir yerdə məskunlaşır. Bu iş onun cümə və camaat namazlarında iştirakına da mane olur. Zəkat toplayıcısı zəkat almaq üçün onun yanına getdikdə zəkat verməkdən də boyun qaçırır, istehza ilə deyir: “Zəkat kitab əhlinin ödədiyi cizyə kimidir.” Bu xəbər Peyğəmbərə (s) çatdıqda buyurur: “Vay olsun Sələbəyə! Vay olsun Sələbəyə!” Bu vaxt bu ayələr nazil olur[51]. Əməl və ibadətin keyfiyyət baxımından əhəmiyyəti: Mənbələrin yazdığına görə Peyğəmbər (s) İslam ordusunu düşmənlə mübarizəyə (ehtimal ki, Təbuk döyüşünə) hazırladığı vaxt camaatın yardımına ehtiyac duyulduğunu görür. Buna görə də fikrini camaata elan etdikdə imkanı olanlar İslam ordusuna zəkat adı ilə və ya heç bir əvəz olmadan külli miqdarda yardımlar göstərirlər. Gəlirləri az olan bəzi müsəlmanlar da az da olsa, bu böyük İslam proqramına yardım göstərirlər. Lakin münafiqlər hər iki dəstəyə eyib tuturlar. Çox yardım göstərənləri riyakar adlandırır, az yardım edənləri isə məsxərəyə qoyaraq “İslam ordusunun belə bir yardıma ehtiyacımı var?” – deyə istehza edirlər. Bu və sonrakı ayə nazil olur və onları ciddi şəkildə qınayır. Bu ayədən götürülən ən böyük dərs budur ki, İslam əməlin çoxluğuna deyil, keyfiyyətinə, ixlas, səmimiyyət və niyyətə yüksək əhəmiyyət və dəyər verir. Mühüm olan hər kəsin imkanı çatdığı qədəri əsirgəməməsidir. Dəyər azlıq və çoxluqda deyl, məsuliyyət və ixlasdadır. Hətta hədislərin birində bir nəfərin Peyğəmbərdən (s): “Hansı sədəqə daha yaxşıdır?”, – deyə soruşduqda Peyğəmbərin (s): “Gəliri az olanların sədəqəsi”, – deyə cavab verdyini oxuyuruq[52]. Onlar üçün istər bağışlanma dilə, istər diləmə; (hətta) onlar üçün yetmiş dəfə də bağışlanma diləsən, yenə Allah onları bağışlamayacaq. Çünki onlar Allahı və Onun Peyğəmbərini inkar etdilər. Allah fasiq tayfanı doğru yola yönəltməz! (Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxdıqlarına görə sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər, (bir-birinə və möminlərə): “Bu istidə hərəkət etməyin!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu bundan da istidir!” Kaş biləydilər! Buna görə də onlar az gülüb çox ağlasınlar. Bu, onların etdiyi əməllərin cəzasıdır. Əgər Allah səni onlardan olan bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə) çıxmaq üçün izn istəsələr, de: “Mənimlə əsla çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə kənara çəkilməyə razı oldunuz. İndi də arxada qalanlarla birlikdə (evdə) oturun!” Onlardan ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma! Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər. Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bu vasitə ilə onlara dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər. “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izn istəyib: “Qoy biz də (döyüşdən azad edilmiş) oturanlarla bir yerdə qalaq!” – deyərlər. ——————————————————————————————- Hətta Peyğəmbərin (s) də bağışlanma diləyinin qəbul edilmədiyi məqam: Şübhəsiz ki, burada yetmiş sözü sayı deyil, çoxluğu ifadə etmək üçündür. Yəni onlar üçün nə qədər bağışlanma diləsən də, Allah onları bağışlamayacaq. Məsələn, bir nəfər digərinə “yüz dəfə də israr etsən, qəbul etməyəcəyəm”, – deyir. Bu, o demək deyil ki, yüz birinci dəfə desə, qəbul edəcək. Bu cümlə ilə o, əslində, heç vaxt qəbul etməyəcəyini göstərir. Qurana görə ölüm haqlayana qədər küfr və nifaqdan tövbə etməyincə kafirlər və kafirlərdən pis olan münafiqlərə heç bir ümid yeri yoxdur[53]. Qiyamət haqqında xəbərdarlıq: Bu ayədə qələbə çaldıqlarını, cihaddan boyun qaçırmaq və bəzi mücahidlərdə soyuqluq yaratdıqlarını güman edərək, qəhqəhə çəkərək gülən münafiqlərə işarə edilmişdir. Ümumiyyətlə, münafqlər hər yerdə və hər zaman belədirlər. Amma Quran onlara xəbərdarlıq edir ki, az gülüb çox ağlasınlar. Onları qarşıda gözləyən zülmət gələcək üçün ağlasınlar; onları gözləyən şiddətli əzablar üçün ağlasınlar; özlərindən sonra bütün qayıdış körpülərini uçurduqları üçün ağlasınlar; bütün ömür sərmayəsini əldən verib əvəzində rüsvayçılıq, bədbəxtlik aldıqları üçün ağlasınlar. Təfsirçilərin çoxu Peyğəmbərin (s) bu məşhur hədisini qeyd etmişdir: “Əgər mən bildiyimi siz də bilsəydiniz, az gülüb çox ağlayardınız.”[54] Dünyanın təmtərağına aldanmayın, həqiqi zövq və həyat başqa bir şeydir: Bu ayənin məzmunu azacıq söz fərqi ilə eyni surənin 55-ci ayəsində də ifadə edilmişdir. Bu iki ayədə Allah peyğəmbərinə xitab edərək, münafiqlərin mal və sərvətlərinin çoxluğuna təəccüblənməməyi buyurur və onların başını qatan bu sərvətin onlar üçün xoşbəxtlik gətirəcək bir nemət olmadığını, əksinə küfrün canlarına hopduğunu bildirir. Hər bir varlığın öz xoşbəxtliyini gördüyü həyat yalnız o zaman həqiqi xoşbəxtlik və səadət ola bilər ki, öz həqiqi yolunda olsun. Əgər insan həyatın əbədi və həqiqi nəticələrinə, yəni faydalı elm əldə edib gözəl əxlaqi keyfiyyətlərə yiyələnərsə, faydasız və əbəs işlərlə məşğul olmazsa, əziyyətsiz ləzzət və asayişə nail olar. Bu cür həyat Allahın rəhbərliyini və himayəsini qəbul etməklə mümkün olur. Belə ki, Allah-taala “Yunus” surəsinin 62-ci ayəsində belə buyurmuşdur: “Bilin ki, Allah dostlarının nə qorxusu olur, nə də qəmgin olurlar.” Lakin başı dünyaya qarışan, dünyanın bər-bəzəyinə heyran olan, onun uzun-uzadı arzularına aldanan, Şeytan tərəfindən özündən uzaq düşürülən, özünə yadlaşan insan bütün qüvvəsini maddi ləzzətlərə sərf edir, bütün hədəfi heyvani istəklərdə mərkəzləşir, həm doymadığı, həm də malik olduqlarını itirməsinin narahatlığını çəkdiyi üçün ən pis əzaba düçar olur, lakin elə güman edir ki, ləzzət içindədir, xoşbəxtdir. Dünya həyatının təmtərağı artdıqca Allahdan və Onun rəhmətindən uzaqlaşır, tədricən bədbəxtliyin son həddinə çatır, halbuki bəndəlik məqamından uzaq, küfr içində can verir, əliboş halda məhşərə daxil olur. Əsl həqiqətdə bu cür zənginlik böyük yoxsulluqdur. Allah-taala “Taha” surəsinin 124-126-cı ayələrində bu vəziyyəti belə təsvir etmişdir: “Hər kəs Məni xatırlamaqdan imtina etsə, həyatı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən görürdüm!” (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün eləcə də sən unudulacaqsan!”[55] Onlar arxada qalanlarla bir yerdə qalmağı seçdilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də anlamazlar. Lakin Peyğəmbər və onunla birlikdə iman gətirənlər malları və canları ilə cihad etdilər. Bütün yaxşlıqlar onlar üçündür, nicat tapanlar da məhz onlardır! Allah onlar üçün əbədi qalacaqları, ağacları altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (qələbədir)! Ərəblərdən (döyüşdə iştirak etməmək üçün) izn almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (heç bir üzrləri olmadan) oturdular. Tezliklə onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir. Allaha və Onun Peyğəmbərinə xeyir istədikləri təqdirdə acizlərə, xəstələrə və Allah yolunda sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri məzəmmət etməyə heç bir əsas yoxdur. Allah bağışlayandır, rəhm edəndir! Minik üçün yanına gəldikdə: “Sizin minməyiniz üçün bir miniyim yoxdur”,- deyərkən sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! Ancaq varlı olduqları (cihad üçün kifayət qədər imkanları olduğu) halda, səndən izn istəyənlər qınanmalıdırlar. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini möhürləmişdir. Buna görə də onlar heç nə bilməzlər! —————————————————————————————- İman və cihad xeyir və bərəkətin mənşəyidir: “Xəyrat” (yaxşılıqlar) sözü maddi və mənəvi olmasından asılı olmayaraq, istənilən uğur, müvəffəqiyyət, qələbə, nemət və xeyirə şamil olur. Bu ayənin ifadələri nicat tapmış və bütün növ xeyrə və səadətə layiq olan insanların bu qrupa aid olduğunu göstərir. Onlar bütün varlıqları və imkanları ilə cihad edirlər. Bu ayəyə əsasən, imanla cihad bir yerdə cəm olarsa, özü ilə xeyir və bərəkət nazil edər. Bu ikisi olmadan qurtuluşa nail olmaq, maddi və mənəvi xeyrə çatmaq mümkün deyil. Mömin və münafiqlərin xüsusiyyətlərinin müqayisəsi zamanı məlum olur ki, münafiqlər imansızlıq və günah aludəçiliyi ucbatından nadan və qafildirlər. Buna görə də şüur, dərk və ayıqlığın nəticəsi olan yüksək əzmkarlıq, səy və fəaliyyətdən məhrum olarlar. Onlar xəstələr və uşaqlarla qalmağa razıdırlar, amma bütün fəxr və başıucalıq gətirən cihad meydanında iştirakdan imtina edirlər. Halbuki imanlı insanlar açıq gözlü, dərrakəli, yüksək əzmkarlığa malik insanlardır. Onlar çətinliklərə qarşı mübarizədə bütün imkanlarını səfərbər edirlər. Bu, Quranın bir çox ayələrində bizə verdiyi, lakin bizim yenə də xəbərsiz qaldığımız həmin böyük dərsdir[56]. Cihad və mücahidlərlə əməkdaşlıq sahəsində heç kəsə güzəşt yoxdur: Bu ayədə bir deyil, iki qrupdan söhbət açılmışdır. Birinci qrupun mənsubları üzürlü səbəblərdən, maddi imkansızlıq və fiziki çatışmazlıq üzündən cihadda iştirak etməmək üçün icazə alırlar. Amma ikinci qrup yalançı münafiqlərdən ibarətdir. Onlar heç bir üzr olmadan cihaddan boyun qaçırırlar. Allah-taala bu iki qrupu müqayisə edərək, ikincinin nə qədər bədbəxt və nanəcib olduğunu aşkara çıxarır[57]. Təbliğat apararaq mücahidləri dəstəkləyin: Bu ayə yuxarıda qeyd edilən birinci qrupun vəzifəsini müəyyən edərək göstəriş verir ki, silah götürə bilməsələr də, döyüş meydanında iştrak etməyə gücləri çatmasa da, mücahdlərə sözlə, danışmaqla, təbliğatla, davranış tərzi ilə stimul versinlər, onları mübarizəyə ruhlandırsınlar, cihadın faydalarını saymaqla onların ruhiyyələrini gücləndrsinlər, eyni zamanda nə qədər bacarırlarsa, düşmənin ruhiyyəsini zəiflətsinlər, onların məğlubiyyətinin başlanğıcını təmin etməkdə səhlənkarlıq göstərməsinlər. Əsl mənası ixlas və səmimiyyət olan “nəsh” sözü bütün növ ixlaslı xeyirxahlıqları və fəaliyyətləri əhatə edən ümumi bir sözdür. Bu ayədən belə başa düşülür ki, Allah yolunda cihad edən mücahidlərlə əməkdaşlıq etməkdə heç kəsə güzəşt edilmir. Hətta xəstə və kor olanlar, silah götürmək və döyüş meydanında iştirak etmək iqtidarında olmayanlar da dilləri, təbliğatları və əməlləri ilə mücahidləri dəstəkləməlidirlər. Yəni cihadın bir neçə mərhələsi var, bir mərhələdə üzrü olan şəxs digər mərhələlərdə də üzürlü sayılmır[58]. 91-92. Cihadda iştirak edə bilməyib, lakin qəlbləri mücahidlərlə olan şəxslərin mükafatı: Bəzi hədislərdən belə nəticəyə gəlirik ki, üzrü olan qruplar müharibədə iştirakdan və cəzadan azad edilməklə yanaşı, cihadda iştiraka olan sevgiləri miqdarında mücahidlərin savab və mükafatlarına da ortaqdırlar. Təbuk döyüşündən qayıdıb Mədinəyə çatdıqdan sonra Peyğəmbər (s) belə buyurmuşdur: “Siz özünüzdən sonra bu şəhərdə elə kişiləri qoyub getmişdiniz ki, bütün yol boyu sizinlə idilər. Atdığınız hər addımda, xərclədiyiniz hər malda, keçdiyiniz hər yerdə sizinlə bir idilər.” Soruşdular: “Ey Allahın rəsulu, onlar Mədinədə qaldıqları halda bizimlə necə bir yerdə ola bilərdilər?” Peyğəmbər buyurdu: “Çünki onlar üzürləri olduğu üçün cihadda iştirak edə bilmədilər. (Amma qəlbləri sizinlə idi.)”[59] (Cihaddan imtina edənlərin) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. De: “Üzr istəməyin, onsuz da sizə inanmayacağıq. Çünki Allah əhvalınızdan bizi xəbərdar etmişdir. Allah və Peyğəmbəri sizin əməllərinizi görür. Sonra qeybi və aşkarı bilənin hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir! Yanlarına qayıtdığınız zaman onlara göz yummağınız (münafiq davranışlarına susub məzəmmət etməməniz) üçün Allaha and içəcəklər. Siz onlardan üz çevirin! Çünki onlar murdardırlar və qazandıqlarının cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir! Onlardan razı olasınız deyə, sizin üçün and içəcəklər. Siz onlardan razı olsanız da, Allah fasiq bir tayfadan razı olmaz! Bədəvilər küfr və nifaq baxımından daha qəliz və Allahın Öz Peyğəmbərinə nazil etdiyi hökm və qanunlardan xəbərdar olmamağa daha layiqdirlər. Allah biləndir, hikmət sahibidir! Bədəvilər içərisində elələri vardır ki, (Allah yolunda) xərclədiklərini ziyan sayar və başınıza müsibətlər gəlməsini gözləyərlər. Müsibətlər onların özləri üçündür! Allah (hər şeyi) eşidəndir, biləndir! Bədəvilərin içərisində elələri də vardır ki, Allaha, Qiyamət gününə inanır, xərclədiklərini Allaha yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vəsilə sayırlar. Bilin ki, bu, onlar üçün yaxınlaşmağa bir səbəbdir. Allah onları Öz mərhəmətinə nail edəcəkdir. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! ——————————————————————————————- Cihaddan imtina edənlərin uzaqlaşdırılması: Mənbələrdə bu və sonrakı iki ayənin nazilolma səbəbinin Peyğəmbərin (s) Təbuk döyüşündən Mədinəyə geri dönərkən Allah yolunda cihad etməkdən boyun qaçırmış və sayları səksən nəfər olan bir qrup münafiqi özündən uzaqlaşdırması ilə bağlı olduğu qeyd edilmişdir. Peyğəmbər (s) onların barəsində belə buyurmuşdur: “Onlarla nə oturub-durun, nə də danışın.” Bu ayə onların vəziyyətinə işarə edir[60]. Münafiqlərdən üz döndərmək: “Tu’rizu” və “ə’rizu” sözlərinin hər ikisinin kökü “i’raz” sözüdür. Bu söz iki mənada işlənir. Birinci məna münafqlərin möminlərə ünvanladığı istək zamanı ifadə edilmişdir. Yəni sizdən onların münafiq davranışlarına sükut etməyinizi və onları qınamamağınızı istəyirlər. İkinci məna isə Allahın möminlərə göstərişində öz əksini tapır. Yəni Allah möminlərə “onlardan üz çevirin”, – deyə göstəriş verdikdə, burada üz çevirmək münafiqlərlə oturub-durmamaq, onları xar etmək mənasında işlənmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Dörd şey qəlbi sıradan çıxarır. O dörd şeydən biri ölülərlə oturub-durmaqdır.” Səhabələr: “Ey Allahın Rəsulu, ölülər kimlərdir?” – deyə soruşduqda həzrət buyurmuşdur: “İmandan və ilahi hökmlərdən sapmış insanlar.”[61] İslamda bədəvi ərəblər və bədəvi ərəb: Bu və sonrakı iki ayədə bədəvi münafiqlər, onların əlamətləri və fikirləri, həmçinin bədəvilərin müxlis və həqiqi möminlərindən söhbət açılmışdır. “Ə’rab” (bədəvilər) toplu isimdir. Çoxlarının təsəvvürünün əksinə olaraq “ə’rab” ərəb sözünün cəmi deyil, dildə onun təki də yoxdur. Bu söz bədəvi ərəblərə şamil olur. Bu sözün tək halını ifadə etmək istədikdə sözün sonuna mənsubiyyət bildirən “yə” hərfi əlavə edilir və “ə’rabi” formasında işlədilir. Deməli “ə’rab” bədəvi ərəblər, “ə’rabi” isə bir bədəvi ərəb deməkdir. “Ə’rabi” bədəvi ərəb mənasını versə də, hədislərdə bu sözün geniş məzmun ifadə etdiyinin şahidi oluruq. Başqa sözlə desək, İslama görə onun coğrafi regionla heç bir əlaqəsi yoxdur, eyni təfəkkür tərzinə malik insanlara şamil edilir. Yəni İslam qanunlarından, adət-ənənələrindən xəbər və məlumatı olmayanlara, şəhərlərdə yaşasalar belə, ə’rabi deyilir. İmam Sadiqin (ə) məşhur bir hədisi bu fikri təsdiq edir. Həmin hədisdə deyilir: “Sizin dininizdən xəbəri olmayan hər bir şəxs bədəvidir.” Başqa bir hədisdə belə deyilir: “Hicrətdən sonra bədəvi olmaq küfrün bir formasıdır.” İmam Əli (ə) bir qrup üsyankar səhabəsinə xitabən belə buyurmuşdur: “Biln ki, siz hicrətdən sonra bədəvi oldunuz.” Qeyd olunan son iki hədisdə bədəvilik hicrətin əks tərəfi kimi göstərilmişdir. Hicrətin geniş məzmununun məkan çərçivəsinin fövqündə dayandığını, fikrin küfr müstəvisindən iman müstəvisinə keçid mənası daşıdığını nəzərə alsaq, “bədəvi ərəb” sözünün mənası da başa düşülər. Yəni İslam ənənələrindən, həyat tərzindən və qanunlarından Cahiliyyət həyat tərzinə, ənənələrinə və qanunlarına qayıdış[62]. Mühacir və ənsardan daha öndə olanlara, habelə yaxşı işlər görməkdə onların ardınca gedən şəxslərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razı oldu. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qalibiyyətdir! Ətrafınızdakı (Mədinənin ətrafında məskunlaşmış) bədəvilərdən bir qrupu münafiqdir. Mədinə əhalisindən (də) bir qrupu inadkar münafqdir. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada rüsvay etməklə, öləndən sonra əzaba düçar etməklə) əzab verəcəyik. Sonra isə (Qiyamətdə) ən böyük əzaba uğrayacaqlar. Bir qismi günahlarını etiraf etdi, yaxşı və pis əməlləri bir-birinə qarışdırdılar. Ümid var ki, Allah onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! Onların mallarından sədəqə (zəkat) al ki, bununla onları təmizləmiş, pak etmiş və təlimatlandırmış olasan. (Zəkat alarkən) onlara dua et, çünki sənin duan onlar üçün bir rahatlıq vasitəsidir. Allah eşidəndir, biləndir. Məgər onlar bilmirlər ki, tövbəni bəndələrindən qəbul edən, sədəqəni (zəkatı) alan yalnız Allahdır (və) Allah tövbələri qəbul edəndir, mərhəmətlidir?! De: “Əməl edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görürlər. Siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!” Bir qism də Allahın fərmanına həvalə edilib. Allah ya onlara əzab verəcək, ya da tövbələrini qəbul edəcək. Allah biləndir, hikmət sahibidir! —————————————————————————————– Mühacirlərdən daha öndə olanları: Şiə və sünnilər tərəfindən nəql edilən hədislərin çoxuna əsasən, İslamı ilk qəbul edən şəxs Əli ibn Əbutalib (ə) olmuşdur. O, mühacir və ənsarın öndə olanlarının başında durur[63]. Bəzi alim və təfsirçilər bu ayəyə istinad edərək, Peyğəmbərin (s) bütün səhabələrinin təmiz, düz və Cənnət əhli olduğunu iddia etmiş, hətta bu iddianı təsdiq edəcək hədislər də nəql etmişlər. Əslində, bu iddianı qəbul etmək üçün Quranın bir çox ayəsini inkar etmək lazımdır. “Allah fasiqlərdən əsla razı olmayacaq”, “Allah zülmkarları sevmir” və bu kimi ayələrdən belə nəticə əldə etmək olar ki, peyğəmbərin səhabələri arasında Təlhə və Zübeyr kimi fasiq və zalım insanlar var idi. Onlar İmam Əliyə (ə) qarşı müharibəyə qalxmaqla on yeddi min müsəlmanın qanının axıdılmasına səbəb oldular. Təbii ki, “mühacir və ənsardan daha öndə olanlar, habelə yaxşı işlər görməkdə onların ardınca gedən şəxslər” deyildikdə Peyğəmbərin (s) ətrafında olan bütün səhabələr, onların ilahi əzabdan xilas olması, dediklərinin dəlil hesab edilməsi nəzərə tutulmur. Həmin şəxslər Allahın razılığı yolunda addım atanlardır[64]. Zəkat təmizləyici və tərbiyələndiricidir: Bu ayədə zəkat hökmünə işarə edilmişdir. Zəkat İslam dininin əsas prinsiplərindəndr. Bu, ayənin zahirindən və habelə ayənin təfsiri ilə bağlı Əhli-beyt (ə) imamlarından nəql edilmiş hədislərdən də başa düşülür. Allah-taala zəkatı insanı təmizləyən və tərbiyələndirən bir vasitə kimi tanıtdırmışdır. Bəzi təfsirçilər bu vacib əməli ağacın inkişafına və boy atmasına səbəb olan artıq budaqların və yarpaqların budanmasına bənzətmişlər. Mənbələrin yazdığına görə, zəkat gətirildikdə Peyğəmbər (s) zəkat verənə və onun ailəsinə dua edərmiş[65]. Allah sədəqə alandır: Zəkat və sədəqələri alan ya Peyğəmbər (s), imam (ə) və müsəlmanların rəhbəri, ya da haqqı çatan insandır. İstənilən halda, zahirdə zəkatı Allah almır, sadəcə peyğəmbər və ilahi rəhbərlər Allahın yer üzərindəki nümayəndələri olduğu və buna görə də Onun əli hesab edildikləri üçün bu ifadə belə işlədilmişdir. Habelə Allahın icazəsi və fərmanı ilə bu sədəqələri qəbul edən ehtiyaclı bəndələr, həqiqətdə, Allahın nümayəndələri hesab edilirlər. Bu şəkildə onların əli də Allahın əli hesab edilir. Bu ifadə eyni zamanda zəkat və sədəqə vermək üçün çox yaxşı stimuldur, bütün müsəlmanlara zəkat və sədəqələrini ödəyərkən son dərəcə ədəbli və hörmətlə davranmağı aşılayır. Çünki zəkat və sədəqəni alan yalnız Allahdır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Sədəqə ehtiyacı olan insanların əlinə yetişməzdən əvvəl Allahın əlinə yetişir.”[66] Peyğəmbər (s) və Əhli-beytin (ə) ümmətin əməllərindən xəbərdar olması: Bu ayə və Əhli-beyt imamları (ə) tərəfindən rəvayət edilmiş çoxlu sayda hədislərdən belə başa düşülür ki, Peyğəmbər (s) və imamlar (ə) bütün ümmətin əməllərindən xəbərdar olurlar. Yəni Allah xüsusi bir vasitə ilə ümmətin əməllərini onlara təqdim edir. İmam Sadiq (ə) buyurmuşdur: “İnsanların bütün əməlləri hər gün sübh tezdən Peyğəmbərə təqdm edilir. Həm pislərin, həm də yaxşıların əməlləri. Buna görə ehtiyatlı olun. Bu, Allahın “de, əməl edin…” ayəsinin məzmunudur.” Bir nəfər İmam Rzaya: (ə) “Mənə və ailəmə dua et”, – deyə müraciət etdikdə İmam (ə) belə buyurmuşdur: “Məgər mən dua etmirəm? And olsun Allaha, sizin əməlləriniz hər gün səhər-axşam mənə təqdim edilir. Məgər Allahın kitabında “de, əməl edin…” ayəsini oxumursan? And olsun Allaha, “möminlər” deyilərkən İmam Əli ibn Əbutalib (və onun övladlarından olan digər imamlar) nəzərdə tutulmuşdur.”[67] (Onların bir qrupu da müsəlmanlara) zərər vurmaq, küfr (küfrü gücləndirmək), möminlər arasında təfriqə salmaq məqsədilə məscid, daha öncə Allah və Onun Peyğəmbərinə qarşı mübarizə aparmış şəxsə sığınacaq tikən şəxslərdr. Onlar: “Bizim yaxşılıq etməkdə başqa bir fikrimiz olmamışdır”, – deyə and içərlər. Allah onların yalançı olduğuna şahidlik edir. Orada heç vaxt (namaza) durma. İlk gündən bünövrəsi təqva üzərində qurulmuş məscid namaza durmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər! Onun özülünü Allah qorxusu və razılığı üzərində quran kəs daha yaxşıdır, yoxsa onun əsasını zəif bir uçurumun kənarında inşa edib qəfildən Cəhənnəm oduna yuvarlanan kəs?! Allah zalım tayfanı doğru yola yönəltməz! Onların qurduğu bu bina ürəkləri parça-parça olana qədər qəlblərində bir şübhə və tərəddüd vasitəsi olaraq qalacaqdır. Allah biləndir, hikmət sahibidir! Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərdən canlarını və mallarını Cənnət müqabilində satın almışdır. Bu, Tövratda, İncildə və Quranda qeyd edilmiş haqq vəddir. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz ticarətə görə müjdə olsun sizə. Bu, böyük qələbədir! ——————————————————————————————- Zirar məscidi və ya casusluq yuvası: Mənbələrin yazdığına görə, Bəni-Əmr ibn Auf tayfasından bir qrup Mədinənin yaxınlığında Quba adlanan bir yerdə məscid tikdirib Peyğəmbərdən (s) orada namaz qılmasını və gəlişi ilə həmin məscidi şərəfləndirməsini istəyirlər. Peyğəmbər (s) də onların bu dəvətini qəbul edir, həmin məscidə gedib orada namaz qılır. Bu hadisədən sonra münafiqlərdən olan Bəni-Ğənəm ibn Auf tayfasından olan bir qrup Quba məscidi tikənlərin paxıllığını çəkir və öz-özlərinə deyirlər ki, Quba məscidinə qarşılıq olaraq bir məscid tikib orada namaz qılaq, daha Mühəmmədin (s) rəhbərlik etdiyi camaat namazında iştirak etməyək. Bundan başqa, münafiqlər bu işləri ilə Əbu Amir Rahib üçün bir mərkəz yaratmaq istəyirdilər. O, Cahiliyyət dövründən əvvəl özünü xristian rahibi kimi təqdim etmişdi. Peyğəmbər (s) Mədinəyə gəldikdən sonra onun paxıllığını çəkdiyi üçün o həzrətə qarşı dəstələr yaratmış, sonra Məkkəyə qaçmışdı. Məkkənin fəthindəın sonra Taifə qaçmış, Taif əhalisi İslamı qəbul etdikdən sonra Şama qaçıb orada gizlənmişdi. Bizans imperatorundan yardım istəmək niyyəti ilə oradan da Bizansa qaçmış, elə həmin ərəfədə Mədinə münafiqlərinə xəbər göndərmiş və onlardan Peyğəmbərlə (s) müharibəyə hazırlaşmalarını, məscid tikib onu və Bizans ordusunu gözləmələrini istəmişdi. Lakin Bizans imperatoruna çatmamış ölüm onu elə yoldaca haqlamışdır. Hər halda münafiqlər bu məscidi inşa edir və Peyğəmbərdən (s) orada namaz qılmasını istəyirlər. Peyğəmbər (s) onlara söz verir ki, Təbukdan qayıtdıqdan sonra orada namaz qılacaq. Ancaq qayıtdıqdan sonra Allah-taala bu ayələri nazil edərək onu münafqlərin fitnəsindən xəbərdar edir və müsəlmanlara həmin məscidi uçurmalarını, yandırmalarını və həmin yeri zibilxanaya çevirmələrini göstəriş verir[68]. Məscidin siması və həqiqi məscidlər: “İlk gündən bünövrəsi təqva bünövrəsi əsasında inşa edilmiş məscid” deyilərkən yuxarıdakı ayələrin izahında da qeyd etdiyimiz kimi, Quba məscidi nəzərdə tutulur. İmam Sadiqin (ə) də bir hədisində bu mövzuya toxunulmuşdur[69]. Zirar məscidi hadisəsi və bu ayələrdən götürdüyümüz çox qiymətli dərslərdən biri budur ki, müsbət dini, sosial və aktiv mərkəzin iki əsas xüsusiyyəti olmalıdır: birincisi, onun bünövrəsi və məqsədi ilk başlanğıcda pak olmalıdır. İkincisi, himayəçiləri və mühafizəçiləri pak, düz imanlı və bəlli insanlar olmalıdır: “Orada paklanmağı sevən insanlar vardır.” Bu iki əsas xüsusiyyətin hər birinin aradan qalxması nəticə olmamasına və məqsədə çatmamağa səbəb olur[70]. Məscid əhlinin paklığı deyilərkən zahiri və fiziki, yoxsa mənəvi və batini paklığın nəzərdə tutulması məsələsi təfsirçilər arasında fikr ayrılığının yaranmasına səbəb olmuşdur. Lakin çox böyük ehtimalla paklıq burada geniş məna ifadə edir, ruhun günah və şirkin təsirlərindən təmizlənməsinə, cismin çirk və nəcasət bulaşığından təmizlənməsinə şamil olur[71]. Cihad Allahla edilmiş ən faydalı ticarətdir: Allah-taala bu ayədə Özünü alıcı, möminləri satıcı, onların can və mallarını əmtəə, Cənnəti onun qiyməti, Tövrat, İncil və Quranı bu alqı-satqının sənədi kimi təqdim etmişdir[72]. Burada insan Allahın bütün bu lütf və məhəbbətindən heyrətə gəlir. Bütün varlıq aləminin maliki, bütün yaradılış dünyasının mütləq hakimi, hər kəsin sahib olduğunun da sahibi olan Allah Öz bəndələrinə bağışladığı həmin nemətləri onlardan satın alır, bağışladıqlarını bir neçə yüz dəfə baha qiymətə satın alır. Bundan da faydalı ticarət olarmı? Cabir ibn Abdullah Ənsariyə istinad edilən bir hədisdə belə nəql edildiyini oxuyuruq: “Bu ayə nazil olanda Peyğəmbər (s) məsciddə idi. Oradakılar sevinclərindən təkbir dedilər. Ənsardan olan bir nəfər yaxınlaşıb təəccüblə Peyğəmbərdən (s) soruşdu: “Həqiqətən, indi nazil olan bu ayə idi?” Peyğəmbər (s): “Bəli”, – deyə cavab verdi. Ənsardan olan kişi dedi: “Çox faydalı bir ticarətdir. Bu alqı-satqıdan dönmərik. Əgər bizdən bu ticarətdən dönməmizi istəsələr, qəbul etmərik.”[73] Tövbə, ibadət və şükür-səna edənlər, səyahət edənlər, rüku və səcdə edənlər, yaxşı işlər görməyi əmr edib pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlar (həqiqi möminlərdir). (Belə) möminləri müjdələ! Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası (əmisi) üçün bağışlanma diləməsi isə ancaq (əmisini imana cəlb etmək məqsədilə) ona verdiyi bir vədə görə idi. Lakin atasının (əmisinin) Allaha düşmən olması İbrahimə aydın olduqda, o, öz atasından uzaqlaşdı (onunla bütün əlaqələrini kəsdi). Həqiqətən, İbrahim mehriban, həlim və dözümlü idi. Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yolundan) sapdırmaz! Çünki Allah hər şeyi biləndir! Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Dirildir və öldürür. Sizin Allahdan başqa havadarınız və köməyə çatanınız yoxdur! Bir qismin ürəyi haqdan sapmaq (döyüş meydanından qayıtmaq) üzrə ikən Allah Öz rəhmətini Peyğəmbərə, çətin saatda onun arxasında gedən mühacirlərə və ənsara şamil, sonra da onların tövbələrini qəbul etdi. Çünki O, onlara qarşı mehriban və rəhimlidir. ——————————————————————————————- Həqiqi şəhidlərin xüsusiyyətləri: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə qeyd edilir ki, “Tövbə” surəsinin mücahdlərə müjdə verən 111-ci ayəsi nazil olduqdan sonra bir nəfər Peyğəmbərdən (s) soruşdu: “Əgər bir nəfər qılıncını çəkib cihada getsə və öldürülsə, ancaq həyatında çox böyük günah etmiş olsa, şəhid hesab edilirmi və bu ayə ona da şamil olurmu?” Bu vaxt bu ayə nazil oldu, həqiqi mücahid və şəhidlərin xüsusiyyətlərini bəyan etdi[74]. Allah-taala bu ayədə möminləri ən gözəl xüsusiyyətlərlə səciyyələndirir. Bunlar elə xüsusiyyətlərdir ki, əgər bunlara malik olsalar, imanları kamilləşər, Allahın Cənnətlə bağlı verdiyi qəti vəd onlara şamil olar. Bu xüsusiyyətlərə malik olanlar çox azdır. İmam Sadiqin (ə) bir hədisində belə qeyd edilmişdir: “Əbbad Bəsri adlı bir nəfər İmam Səccadın (ə) həcc mərasimi üçün Məkkəyə getdiyini görüb (özünü müqəddəsliyə vuraraq) deyir: Ey Hüseynin oğlu Əli, çətin olan cihadı tərk edib asan və rahat olan həccə üz tutmusan. Məgər Allah: “Allah … satın almışdır”- deyə buyurmayıbmı? İmam Səccad (ə) buyurur: “Əgər möminləri Allahın vəsf etdiyi şəkildə görsəydim (Tövbə-112), bəli, onlarla birlikdə edilən cihad həcdən yaxşı olardı.”[75] Möminlərin səyahəti: Səyahətin mənası yer üzündə seyr və hərəkətdir. Burada səyahət deyilərkən Allahın yad edildiyi və Ona ibadət edilən məkanlara getmək, həmin yerlərə səfər etmək nəzərdə tutulur. Məscidləri buna misal göstərə bilərik. Həqiqi möminlər bir məsciddən başqa bir məscidə, bir dini məclisdən başqa bir dini məclisə gedənlərdir. Onların ibadət işığında özünü islah etmələri məhdud bir mühitə aid deyil. Onlar üçün hər yer Allaha bəndəlik, özünü islah etmə və özünütərbiyə mərkəzidir. Peyğəmbər (s) buyurmuşdur: “Mənim ümmətimin səyahəti məscidlərdədir.”[76] 113-114. Təkəbbürlü müşriklər üçün bağışlanma dilənilməsinin qadağan olunması: 113-cü ayədə Peyğəmbər (s) və möminlərə müşriklər üçün bağışlama istəməyi qətiyyətlə qadağan edir. Çünki bu iş əsla bağışlanmağa layiq olmayan, xilas yolu görünməyən bir fərd üçün yersiz arzu diləməkdir. Bundan əlavə, bağışlanma istəyi bir növ məhəbbətin izharıdır, müşriklərə qarşı sevgi bəsləmək isə qadağandır. Qurandan xəbəri olan müsəlmanlar ayələrdə həzrət İbrahimin (ə) öz əmisi üçün bağışlanma dilədiyini oxumuşdular. Buna görə də onların ağlına belə bir sual gələ bilərdi ki, məgər Azər müşrik deyildi? Əgər bu əməl qadağan idisə, nə üçün Allahın bu böyük peyğəmbəri həmin əməli etmişdi?[77] Quran bu düşüncəyə belə cavab verir: İbrahim (ə) müşrik əmisi üçün ona görə bağışlanma istəmişdi ki, onun müşrik olmasına baxmayaraq, Allahla düşmənçilik etmədiyini, inadkarlıq göstərmədiyini düşünür, haqq yola yönələcəyinə ümid edirdi. Əslində, mehribanlıq göstərərək Allahdan onun üçün bağışlanma diləyəcəyini vəd vermişdi. Lakin onun Allahla düşmənçilik etdiyini, şirk və azğınlığında israrlı olduğunu gördükdə ondan uzaqlaşmışdı[78]. Təbuk döyüşünün çətinliklərindən bir epizod: Bu ayə Təbuk döyüşü və müsəlmanların həmin döyüşdə qarşılaşdıqları çətinliklər haqqında nazil olmuşdur. Döyüşdə vəziyyət o həddə çatır ki, bir qrup müsəlman qayıtmaq qərarına gəlir. Lakin Allahın lütfü sayəsində bu qərardan daşınırlar. Bu döyüşdə müsəlmanların qarşılaşdığı çətinliklərdən biri bu idi ki, hər on nəfərə bir dəvə düşürdü, müsəlmanlar dəvələri növbə ilə minirdilər. Azuqələri kəpəkli arpa unu, az miqdarda xarab olmuş xurma, vaxtı ötmüş yağ idi. Xurma da o qədər az idi ki, bir nəfər onu ağzına qoyub dadı ağzına çıxana qədər sorub ikinci adama verir və bir qurtum su içirdi. Bu hərəkət xurmanın dənəsi qalana qədər davam edirdi[79]. (Təbuk döyüşündən) geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü bütün genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Allah tövbələri qəbul edən və rəhimlidir! Ey iman gətirənlər! Allahdan (Onun əmrinə qarşı çıxmaqdan) qorxun və sadiqlərlə (doğru danışanlarla) olun! Mədinəlilərə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın peyğəmbərindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, onlar kafirlərin qəzəbinə səbəb olan elə bir yerə ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz! Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə az və ya çoxluğundan asılı olmayaraq xərclədikləri elə bir mal, (cihada gedərkən və dönərkən) qət etdikləri elə bir yer yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın. Möminlərin hamısının (cihad meydanına doğru) hərəkət etməsi də münasib deyil. Nə üçün hər tayfadan bir dəstə hərəkət edib (digər dəstə isə Mədinədə qalıb) dinə dərindən yiyələnməsin, öz tayfalarına geri döndükdə onları qorxutmasın? Bəlkə (Allahın əmrinə qarşı çıxmaqdan) qorxub çəkinsinlər! —————————————————————————————— Çox-çox tövbə qəbul edən Allah: Təfsirçilər bu ayənin Kəb ibn Malik, Mərarə ibn Rəbi və Hilal ibn Üməyyə adlı üç nəfər müsəlmanın səfəri ilə bağlı nazil olduğunu qeyd edirlər. Bu üç nəfər Peyğəmbərin (s) əmrindən çıxıb onunla Təbuka getməkdən imtina etsələr də, etdiklərindən peşman olurlar. Peyğəmbər (s) Mədinəyə geri döndükdə yanına gedib üzr istəyirlər. Peyğəmbər (s) onlarla danışmır, müsəlmanlardan da onlarla danışmamalarını istəyir. Buna görə də hər kəs, hətta uşaqlar da onlardan uzaq gəzir. Bu üç nəfərin həyat yoldaşları Peyğəmbərin (s) yanına gəlib deyirlər: “Biz də həyat yoldaşlarımızdan uzaq duraq?” Peyğəmbər (s) buyurur: “Xeyr, amma onlar sizə yaxınlaşmasın.” Nəticədə Mədinədə yaşamaq onlar üçün çətinləşir, əlacsız qalıb Mədinə dağlarına sığınırlar. Hər gün ailələri onlara yemək aparır, lakin onlarla danışmırlar. Onlar bir-birinə deyirlər: “İndi ki, camaat bizdən küsüb bizimlə danışmır, biz nə üçün bir-birimizlə danışaq?” Buna görə də bir-birindən ayrılırlar. Əlli gün belə yaşayır, Allaha yalvarıb tövbə edirlər. Nəhayət, Allah onların tövbəsini qəbul edərək bu ayəni onların barəsində nazil edir. Bu ayədə incə bir nüans var, o da budur ki, Allah “sonra Allah rəhmətini onlara şamil etdi. Allah çox tövbə qəbul edən və rəhimlidir!”, – deyə buyurur. Təfsirçilər bu cümləni izah edərkən qeyd edirlər ki, bəndənin tövbəsi Allah tərəfindən olan iki tövbə arasında yer almışdır. İlk öncə Allah insana diqqət ayırır və ona tövbə uğuru bəxş edir, sonra insan tövbə edib bağışlanma diləyir, bundan sonra Allah yenidən diqqət göstərib insanın tövbəsini qəbul edir[80]. Əhli-beyt (ə) həqiqi doğru danışandır: Bu ayə şiə alimlərinin şiə məzhəbinin haqq olduğunu və məsum imamların imamlığını sübuta yetirmək üçün istinad etdikləri ayələrdəndir. Onların bu istinadla bağlı dəlilləri ayənin sözləri və bu ayə ilə bağlı olan hədislərdir. Ayədə “sadiqlərlə olun!”, – deyə buyurulmuşdur. Düzlüyün mərhələləri, dərəcələri var və bu ayədə düzlüyün bütün dərəcələrinə mütləq şəkildə işarə edilmişdir. Əməldə düzlük, danışıqda, niyyətdə düzlük, inancda-etiqadda düzlük. Bütün bu mərhələlərdə düz olan adam, heç şübhəsiz, məsumdur. Yəni əməldə, danışıqda, niyyətdə zərrə qədər də olsun yalana, xətaya yol vermirlər, bütün vücudları hər bir səhvdən uzaqdır[81]. Dini biliklərin öyrənilməsinin zəruriliyi: Əvvəlki ayələrdəki cihad məsələsi ilə bağlılığı olan bu ayədə müsəlmanlar üçün həyati əhəmiyyət daşıyan bir reallığa işarə edilir. O da bundan ibarətdir ki, cihad çox əhəmiyyətli, ondan yayınmaq isə utancverici və günah olsa da, zərurət yarandıqda möminlərin hamısının cihad meydanında iştirakı lazım olmur. Xüsusilə Peyğəmbər (s) Mədinədə olduğu vaxtlarda digər şəhərlərin möminlərinin hamısı cihada getməməli, onların bir qrupu Mədinəyə getməli, orada dini hökmlərə yiyələnməli, geri döndükdə öz həmşəhərlilərini dini maarif ilə tanış etməli, təqva və pərhizkarlığa dəvət etməlidir[82]. Bu ayədə müsəlmanlar “öyrədənlər və öyrənənlər” olmaqla, iki qrupa bölünmüşdür. Yəni hər bir müsəlman bu iki qrupdan birində yer almalıdır, ya öyrətməlidir, ya da öyrənməlidir. İslam tarixində bir çox alimlər başqalarına təbliğ etmək üçün İslam elmlərinin öyrənilməsinin “kifayi vacib” kontekstində lazım olduğunu sübuta yetirmək üçün bu ayəyə istinad etmişlər. Müasir dünya ölkələrinin çoxunda təhsil və elmi biliklərə yiyələnmək icbaridir. Qanunun tələbi ilə hər bir uşaq təhsil almalıdır. Əgər təhsildən yayınsa, onun valideyni məsuliyyətə cəlb edilir. Lakin heç bir yerdə öyrətmək qanunla icbari deyil. Öyrətmək ixtiyari bir məsələdir, insan öyrətməyə də bilər. İslamda isə təhsil vacib olduğu üçün onun başqalarına öyrədilməsi də vacib və zəruridir. Bu ayə qeyd olunan fikrin dəlillərindəndir[83]. Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərlə vuruşun. Qoy onlar sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlədir! Bir surə nazil edildiyi zaman onlardan: “Bu surə sizin hansınızın imanını artırdı?” – deyənlər də var. (Onlara de:) “Möminlərə gəlincə, onların imanını artırar və onlar (ilahi rəhmət və lütfkarlığa görə) sevinərlər. Qəlblərində xəstəlik olanlara gəldikdə isə, onların murdarlığına bir murdarlıq da artar və onlar kafir olaraq ölərlər! Onlar ildə bir, ya iki dəfə sınağa çəkildiklərini görmürlərmi? Bununla belə, yenə tövbə etmir, ibrət almırlar! Bir surə nazil edildiyi zaman onların bəzisi bir-birinə baxıb: “Sizi kimsə görürmü?”- deyir, sonra dönüb aradan çıxırlar. Onlar anlamaz bir tayfa olduqları üçün Allah da ürəklərini (haqdan) döndərmişdir! Şübhəsiz ki, sizə özünüzdən bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, sizin haqq yola yönəlmənizdə israrlıdır, möminlərə qarşı şəfqətli, mərhəmətlidir! Əgər onlar (haqdan) üz döndərsələr, (narahat olma,) de: “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir məbud yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir! ————————————————————————————— Düşmən qarşısında qüdrət nümayişi: Allah-taala bu ayədə ümumi cihad əmri vermişdir. Bu cihadla İslam bütün dünyanı bürüyəcək şəkildə yayılmalıdır. Əgər möminlər öz yaxınlıqlarındakı kafirlərlə cihad etsələr, İslam mərhələ-mərhələ yayılar və bütün dünyaya hakim olar. Bu ayədə sərtlik deyilərkən Allah və Onun dini uğrunda əməl kəskinliyi nəzərdə tutulur. Yəni burada kafirlərlə sərt, kobud və düşməncəsinə davranışdan, onlara qarşı zülm və təcavüzdən söhbət getmir. Çünki bütün dini və əxlaqi prinsiplərə görə bu davranışlar yolverilməzdir. Cihad ayəsi də möminlərə hər növ zülm və təcavüzü qadağan etmişdir[84]. “Onlar (kafirlər) sizdə sərtlik, güc görsünlər” cümləsindən əldə edilən nəticə budur ki, düşmən qarşısında təkcə daxili cəsarət və cürət, psixoloji hazırlıq kifayət etmir, bu hazırlığı düşmənə nümayiş də etdirmək lazımdır. Başqa sözlə desək, gücün və qüdrətin olması yetərli deyil, düşmən qarşısında qüdrət də nümayiş etdirmək lazımdır[85]. İllik sınaq: İldə bir, ya iki dəfə təkrarlanan sınaqla bağlı təfsirçilər arasında fikir ayrılığı yaranmışdır. Bəziləri onu xəstəliklər, aclıq və digər bədbəxt hadisələr kimi izah etmiş, bəziləri İslam əzəmətinin əlamətləri və münafiqlərin məcburən iştirak etdiyi cihad meydanlarında Peyğəmbərin (s) haqq olduğunu göstərən əlamətlərin müşahidəsi, bəziləri isə onların sirr pərdələrinin qalxması kimi yozmuşlar. Lakin ayənin sonunda “onlar xatırlamırlar” cümləsindən aydın olur ki, bu sınaq bu qrupun ayılmasına səbəb olan sınaq olmalıdır. Habelə ayənin məzmunundan bu sınağın bütün insanların öz həyatlarında qarşılaşdıqları ümumi sınaqdan fərqlənən bir sınaq olduğu da başa düşülür. Bu aspekt əsasında dördüncü təfsirin, yəni onların pis əməlləri üzərindən pərdə götürülməsi və zahirlərinin aşkara çıxması yozumu ayənin məzmununa daha uyğundur. Belə bir ehtimal da mövcuddur ki, sözügedən ayədə sınaq bütün bu mövzuları əhatə edəcək ümumiliyə malikdir[86]. İlahi ayələrin nazil olması münafiqlərin ciddi narahatlığına səbəb olurdu: Bu ayədə münafiqlərin daha bir xüsusiyyətinə işarə edilmişdir. Onlar olduğu zaman Quran surələrindən biri nazil olduqda və onlar da bunu eşitdikdə bir-birinə baxırmışlar. Bu baxışları ilə bir-birindən sanki “sizi kimsə görürmü?” – deyə soruşurdular. Onlar bu halları ilə eşitməyə dözümü olmayan sözü eşidən, narahatlığının şiddətindən üzünün rəngi dəyişmiş, başqalarının onun bu vəzyyətindən gizli saxladığı niyyətini başa düşəcəyindən qorxan adamı xatırladırlar. Buna görə də onların həyəcanından xəbərdar olan adamlardan “ətrafımızdakılardann bizim halımızdan xəbəri olan varmı?”, – deyə soruşurdular. Onlar ilahi ayələri qəbul etməkdən və onlara iman gətirməkdən dönmüş vəziyyətdə Peyğəmbərin (s) ətrafından dağlışırdılar[87]. Peyğəmbərin (s) ümmətin haqq yola yönəlməsində göstərdiyi israr: Quran ayələri və Allahın Rəsulunun (s) davranışından belə məlum olur ki, o, bu ümmətə mehriban bir ata kimi, övladının böyüyüb boya-başa çatması üçün bütün səy və təlaşını səfərbər edən, övladının yanlışlarını gördükdə ürəyi yanan atadan bəlkə də daha çox qayğı göstərmiş, ümmətin haqq yola yönəlməsi üçün çalışmış, haqq yoldan sapdıqlarına görə əziyyət çəkmişdir. Hətta iş o yerə çatırmış ki, qüssədən az qalırmış canını tapşırsın. “Kəhf” surəsinin 6-cı ayəsində belə qeyd edildiyini oxuyuruq: “Yoxsa bu sözlərə inanmasalar, onların etdikləri əməllərə görə özünü qəm-qüssədən həlak etmək istəyirsən?!” Peyğəmbər (s) haqq yoldan sapanları necə dəhşətli aqibət gözlədiyindən, əbədi həyatlarını oda sürüklədiklərindən xəbərdar olduğu üçün onların bu dəhşətli aqibətdən xilas olmasına çalışır, onların haqdan üz döndərməsinə görə çox narahat olurdu[88]. [1] Əl-Mizan, c.7, səh.150 [2] Əl-Mizan, c.9, səh.151 [3] Əl-Mizan, c.9, səh.151 [4] Mənşuri-cavid,c.7, səh.135 [5] Əl-Mizan, c.8, səh.153 [6] Nümunə, c.7, səh.289 [7] Nümunə, c.7, səh.298 [8] Mənşuri cavid, c.7, səh.161 [9] Əl-Mizan, c.9, səh.163 [10] Əl-Mizan, c.9, səh.163 [11] Nümunə, c.7, səh.314 [12] Nümunə, c.7, səh.317 [13] Əl-Mizan, c.9, səh.219 [14] Nümunə, c.7, səh.331 [15] Nümunə, c.7, səh.339; Mənşuri-cavid, c.7, səh.60 və 63 [16] Əl-Mizan, 9, səh.236 [17] Nümunə, c.7, səh.354 [18] Əl-Mizan, c.9, səh.251 [19] Əl-Mizan, c.9, səh.253 [20] Nümunə, c.7, səh.373 [21] Əl-Mizan, c.9, səh.259 [22] Əl-Mizan, c.9, səh.277 [23] Ətyəbül-bəyan, c.6, səh.216 [24] Təfsiri-Əyyaşi, c.2, səh.232 [25] Əl-Mizan, c.9, səh.280 [26] Nümunə, c.7, səh.413 [27] Daha ətraflı məlumat üçün bax: Ətyəbül-bəyan, “Tövbə” surəsi, 40-cı ayənin təfsiri. [28] Nümunə, c.7, səh.418 [29] Əl-Mizan, c.9, səh.293 [30] Mənşuri-cavid,c.7, səh.295 [31] Nümunə, c.7, səh.437 [32] Nümunə, c.7, səh.439 [33] Əl-Mizan, c.9, səh.317 [34] Ətyəbül-bəyan, c.6, səh.237 [35] Nümunə, c.7, səh.450 [36] Nümunə, c.8, səh.4 [37] Əl-Mizan, c.9, səh.321 [38] Əl-Mizan, c.9, səh.333 [39] Əl-Mizan, c.9, səh.353 [40] Əl-Mizan, c.9, səh.343 [41] Nümunə, c.8. səh.30 [42] Əl-Mizan, c.9, səh.358 [43] Nümunə, c.8, səh.34 [44] Kafi, c.8, səh.171 [45] Nümunə, c.8, səh.36 [46] Əl-Mizan, c.9, səh.349 [47] Nümunə, c.8, səh.38 [48] Təfsiri-Əyyaşi, c.2, səh.242 [49] Əl-Mizan, c.9, səh.351 [50] Nümunə, c.8, səh.45 [51] Əl-Mizan, c.9, səh.364 [52] Nümunə, c.8, səh.55 [53] Əl-Mizan, c.9, səh.363 [54] Nümunə, c.8, səh.63 [55] Əl-Mizan, c.9, səh.319 [56] Nümunə, c.8, səh.75 [57] Əl-Mizan, c.9, səh.373 [58] Nümunə, c.8, səh.81 [59] Nümunə, c.8, səh.82 [60] Əl-Mizan, c.9, səh.381 [61] Vəsailüş-şiə, c.16, səh.266 [62] Nümunə, c.8, səh.93 [63] Nümunə, c.8, səh.103 [64] Nümunə, c.8, səh.108; Əl-Mizan, c.9, səh.396 [65] Əl-Mizan, c.9, səh.390 [66] Nümunə, c8, səh.121 [67] Nümunə, c.8, səh.125 [68] Əl-Mizan, c.9, səh.404 [69] Əl-Mizan, c.9, səh.405 [70] Nümunə, c.8, səh.146 [71] Nümunə, c.8, səh.140 [72] Əl-Mizan, c.9, səh.410 [73] Nümunə, c.8, səh.149 [74] Kafi, c.5, səh.15 [75] Əl-Mizan, c.9, səh.420 [76] Nümunə, c.8, səh.151; Əl-Mizan, c.9, səh.411 [77] Nümunə, c.8, səh.155 [78] Əl-Mizan, c.9, səh.411 [79] Əl-Mizan, c.9, səh.422 [80] Əl-Mizan, c.9, səh.422 [81] Ətyəbül-bəyan, c.6, səh.329 [82] Nümunə, c.8, səh.190 [83] Pəyame-Quran, c.10, səh.282 [84] Əl-Mizan, c.9, səh.419 [85] Nümunə, c.8, səh.197 [86] Nümunə, c.8, səh.203 [87] Əl-Mizan, c.9, səh.426 [88] Təfsiri-mövzuidən iqtibas, c.8, səh.290

QURANI KƏRIM 24.12.2024

“Ənfal” surəsi

“Ənfal” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Səndən ənfal[1] (qənimətlər, sahibi bəlli olmayan istənilən mal) haqqında soruşarlar. De: “Qənimətlər Allah və Peyğəmbərə məxsusdur. Buna görə də əgər imanınız varsa, Allahdan (Onun əmrindən çıxmaqdan) qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Peyğəmbərinə itaət edin! Möminlər yalnız o şəxslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri onlara oxunduğu zaman imanları daha da artar, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Həqiqi möminlər onlardır. Onların öz Rəbləri yanında dərəcələri vardır. Onları bağışlanma və qüsursuz ruzi gözləyir! (Bəzilərinin Bədr qənimətlərinin bölgüsünə etiraz etməsi) bir qrup möminin narazı olmasına baxmayaraq, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzəyir! Haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər. (Qorxu və dəhşət onları elə sarmışdı ki,) sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər. Xatırlayın, bir zaman Allah sizə iki dəstədən birinin (Qüreyşin ticarət karvanının və ya onların silahlı ordusunun) sizin olacağına vəd vermişdi. Siz silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə Öz sözləri ilə haqqı bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi. Günahkarların xoşuna gəlməsə də, haqqı bərqərar etmək və batili yox etmək istəyirdi. —————————————————————————————— “Ənfal” surəsinin ümumi məzmunu: Surənin əvvəlində İslam maliyyə sisteminin ən mühüm sahəsinə, o cümlədən “beytül-mal”ın (İslam xəzinəsinın) əsas qaynaqlarından hesab edilən əlavə gəlirlər və qənimətlərə işarə edilmiş, sonra həqiqi möminlərin xüsusiyyətləri, üstün keyfiyyətləri, Bədr döyüşü, cihad hökmlərinin mühüm cəhətləri, düşmən hücumları qarşısında müsəlmanların əsas vəzifələri, Peyğəmbərin (s) hicrəti, həmin gecə baş verən mühüm tarixi hadisə (leylətül-məbit hadisəsi), müşriklərin İslamdan öncəki vəziyyəti və xurafatları, ilk dövrlərdə müsəlmanların zəif olması, sonradan İslam sayəsində güclənməsi, xümsün hökmləri və onun bölgü forması, istənilən zaman və məkan çərçivəsində cihada hərbi, siyasi və ictimai cəhətdən hazır olmaq zərurəti, zahirən sayca az olmalarına baxmayaraq, düşmənlə  müqayisədə müsəlmanların mənəvi cəhətdən daha üstün qüvvələrə malik olması, əsirlərlə bağlı hökmlər, onlarla davranış tərzi, hicrət edənlər və etməyənlər, münafiqlərə qarşı mübarizə və onlarla olan problemlər, münafiqlərin tanınması yolları, sonda bir sıra etik, əxlaqi və ictimai mövzulardan bəhs edilmişdir[2]. Ənfal: Bu ayə haqqında bir neçə nazilolma səbəbi qeyd edilmişdir. Bədr döyüşündən sonra qənimətlərin bölüşdürülməsinin müsəlmanlar arasında mübahisəyə səbəb olması bütün hədislərin ortaq cəhətidir. Müsəlmanlar Peyğəmbərdən (s) məsələyə aydınlıq gətirməsini istədikdə Allah-taala bu ayəni nazil edir və onlara bildirir ki, qənimətlərin bölgüsü onların deyil, Allahın və Onun peyğəmbərinn əlindədir, onların bölgüsü Allaha və peyğəmbərinə aiddir. Bundan sonra Peyğəmbər (s) qənimətləri müsəlmanlar arasında bərabər şəkildə bölür[3]. Bu ayə döyüş qənimətləri haqqında nazil olsa da, onun məzmunu ümumi bir hökmü ehtiva edir, bütün əlavə (sahibi bəlli olmayan) mallara şamil olur. Bu səbəbdən də Əhli-beyt (ə) imamları tərəfindən bizə çatmış hədislərdə “ənfal”ın çox geniş məzmun ifadə etməsi ilə bağlı məlumat verildiyinə rast gəlirik[4]. İnsanlar arasında sülh yaratmağın üstünlüyü: Sülh, barışıq yaratmaq, kin-küdurəti, düşmənçilikləri aradan qaldırmaq, kin-küdurəti səmimiyyət, düşmənçilikləri dostluqlarla əvəz etmək İslamın ən mühüm proqramlarındandır. İslam təlimlərində bu mövzuya ən yüksək ibadətlərdən sayılacaq qədər böyük əhəmiyyət verilmişdir. Möminlərin əmiri İmam Əli (ə) şəhadət yatağında son vəsiyyətlərini edərkən övladlarına belə buyurmuşdur: “Allah yadınızda olsun, Allah yadınızda olsun, aranızda barışıq yaradın. Babanız Peyğəmbərin (s) “insanlar arasındakı münasibətləri düzəltmək, bütün (müstəhəb) namaz və oruclardan üstündür”, – deyə buyurduğunu eşitdim.”[5] Bədr döyüşünə hazırlıqlar: Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müsəlmanlar xəbər tuturlar ki, Əbu Süfyanın başçılığı ilə Qüreyş ticarət karvanı Şamdan Məkkəyə qayıdır. Peyğəmbər (s) səhabələrinə göstəriş verir ki, müşriklərin müsəlmanlara vurduğu ziyanların əvəzini çıxmaq üçün həmin karvana doğru hərəkətə keçsinlər və karvanı malları qarışıq müsadirə etsinlər. Əbu Süfyan Mədinədəki dostlarından birinin vasitəsilə bu hadisədən xəbər tutur. Məkkəyə bir qasid göndərib yardım istəyir. Məkkə camaatının çoxunun bu karvanda payı olduğu üçün tez bir zamanda səfərbər olurlar. Bir hissəsini Məkkənin tanınmış və adlı-sanlı adamları təşkil edən 950 nəfərlik orduya Əbu Cəhl rəhbərlik edir. Ordu 700 dəvə, 100 atlı və 150 piyadadan ibarət olur. Digər tərəfdən, Əbu Süfyan müsəlmanların hücumlarından xilas olmaq üçün yolunu dəyişərək sürətlə Məkkəyə doğru hərəkətini davam etdirir. İslam peyğəmbəri (s) o vaxtın bütün mübariz müsəlmanlarından ibarət olan 313 nəfərlik ordu ilə Məkkə ilə Mədinə arasındakı Bədr adlanan əraziyə çatdıqda Qüreyş ordusunun hərəkətə keçdiyini eşidir. Bu ayə həmin şəraitdə müsəlmanların hansı vəziyyətdə olduğunu bəyan edir[6]. Rəbbinizdən kömək dilədiyiniz, Onun da duanızı: “Mən sizə bir-birinin ardınca enən min mələklə yardım edərəm!” – deyə qəbul buyurduğu zamanı (xatırlayın). Allah bunu yalnız bir müjdə olsun və qəlbiniz onunla rahatlıq tapsın deyə belə etdi. Qələbə yalnız Allahdandır. Allah yenilməz qüvvət, hikmət sahibidir! Üzərinizə Allah tərəfindən istirahət və rahatlıq vasitəsi olan xəfif bir yuxu çökdüyü, sizi təmizləmək, Şeytanın vəsvəsəsini sizdən uzaqlaşdırmaq, ürəklərinizi möhkəm və addımlarınızı mətin (ayaqlarınızın altını möhkəm) etmək üçün göydən üstünüzə yağış yağdırdığı vaxtı xatırlayın! Rəbbinin mələklərə: “Mən də sizinləyəm. Möminlərə qüvvət verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Zərbələri onların boyunlarına endirin, bütün barmaqlarını doğrayın!”, – deyə vəhy etdiyi zamanı xatırlayın! Bu, onların Allah və Onun Peyğəmbərilə düşmənçilik etməsinə görədir. Kim Allah və Onun Peyğəmbəri ilə düşmənçilik etsə, (şiddətli əzaba düçar olar). Allah şiddətli əzab verəndir. Bunu (dünyadakı bu əzabı) dadın. Kafirlər üçün (o biri dünyada) od əzabı da olacaq. Ey iman gətirənlər! Döyüş meydanında bir yerə toplaşmış kafirlərlə qarşılaşsanız, onlara arxa çevirməyin! Yenidən hücuma keçmək məqsədilə meydanı tərk edən və ya başqa bir dəstəyə (mücahidlər dəstəsinə) qoşulmaq məqsədi güdən şəxs istisna olmaqla, belə bir vaxtda onlara arxa çevirən hər kəs Allahın qəzəbinə tuş gələcək. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir! ——————————————————————————————– 9-10. Mələklər müsəlmanların köməyinə tələsirlər: İbn Abbasdan belə nəql edilmişdir: “Bədr günü iki qoşun qarşı-qarşıya dayanıb mövqe tutduqdan sonra Əbu Cəhl dedi: “İlahi, bu iki dəstədən hansı yardıma daha layiqdirsə, ona yardım göstər!” Müsəlmanlar da Allahdan yardım istədilər. Sonra Allah mələkləri endirdi.” İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Peyğəmbər (s) müşriklərin qoşununun sayının çox, müsəlmanların sayının az olduğunu gördükdə üzünü qibləyə tərəf tutaraq buyurdu: “İlahi, mənə verdiyin vədə vəfa et! İlahi, bu dəstə – səhabələrinə işarə edərək – həlak olsa, artıq yer üzündə Sənə ibadət edən olmaz.” Əllərini göyə uzatmış halda o qədər dua etdi ki, əbası çiynindən düşdü. Bu vaxt Allah onun duasını qəbul edib mələkləri endirdi.” Əlbəttə, mələkələr kafirləri öldürmək üçün endirilməmişdi, onların gəlməsinin məqsədi möminlərə müjdə vermək, ürəklərini şadlandırmaq və təskinlik vermək idi. Bu surənin 12-ci ayəsində bu məqama işarə edilmişdir. Bu məzmun bəzi tarixçilərin fikirlərini də təsdiq edir. Onlar qeyd edirlər ki, mələkələr müşrikləri qətlə yetirmək üçün nazil olmamışdılar, hətta müşriklərdən heç bir nəfəri də qətlə yetirmədilər. Döyüşdə öldürülüən müşriklərin 1/3-ini, ya da yarısını İmam Əli (ə), qalanlarını isə digər döyüşçülər qətlə yetirmişdilər. Mələklərin işi yalnız müsəlmanların sayını müşriklərin gözündə çox, müşriklərin sayını isə müsəlmanların gözündə az göstərmək, bununla da müsəlmanlara ürək-dirək vermək, müşriklərin ürəyinə isə qorxu salmaqdan ibarət idi[7]. Bədr döyüşündən əvvəlki gecə Allahın müsəlmanlara bəxş etdiyi iki nemət: Bu ayədə Allahın Bədrdə möminlərə bəxş etdiyi bəzi nemətlərə işarə edilmişdir. Qarşılaşmadan bir gün əvvəl müsəlmanlar çox qorxurdular və təpədən dırnağa qədər silahlanmış müşrik qoşunları qarşısında nə edəcəklərini bilmirdilər. Sabahkı döyüşə hazır olmaları üçün Allah-taala onları xəfif və rahatlıq gətirən bir yuxuya daldırdı. Digər tərəfdən, müşriklər suya daha tez çatdıqları üçün müsəlmanlarla su arasında sədd çəkmişdilər. Yuyunmaq, dəstəmaz almaq, qüsl etmək, susuzluqları yatırmaq və sair ehtiyaclarını dəf etmək üçün müsəlmanların suya böyük ehtiyacı var idi. Ehtyaclarını ödəmək üçün Allah-taala onlara yağış yağdırdı. Müsəlmanların düşərgə saldığı yer qumluq ərazi idi və hərəkət edərkən quma batırdılar. Bu yağışın yağmasının digər faydası da bu oldu ki, həmin yer bərkidi, nəticədə müsəlmanlar mətin addımlar, böyük ümid və əminlik içində, ruhən və cismən tərtəmiz olaraq Bədr meydanına ayaq basdılar[8]. 15-16. Döyüşdən qaçmaq ən böyük günahlardan biridir: Döyüş meydanından qaçmaq İslamda ən böyük günahlardan biri hesab edilir. İmam Rza (ə) döyüşdən qaçmağın haram olmasının səbəbini soruşan İbn Şazan adlı səhabəsinin cavabında belə buyurmuşdur: “Allah-taala döyüşdən qaçmağı haram etmişdir. Çünki bu hərəkət Allahın dininin yüngül sayılmasına, peyğəmbər və adil imamların təhqir edilməsinə səbəb olur. Döyüş meydanından qaçanlar peyğəmbərə və imamlara yardım göstərməkdən imtina etmiş hesab edilirlər. Buna görə də ilahi əzaba düçar olurlar. Çünki onlar bununla Peyğəmbərin (s) Allahın rəbb olmasının təsdiqi, ədalətin bərqərar edilməsi, zülmə son qoyulması, fəsadın yer üzündən silinməsi ilə bağlı çağırışlarını tərk etmiş olurlar, digər tərəfdən düşmənlərin müsəlmanlara qarşı cürətlənməsinə, onların müsəlmanları əsir götürmək, qətlə yetirmək, Allahın dinini məhv etmək və sair fəsadları törətmək kimi fikirlərə düşməsinə səbəb olurlar.” İmam Əlinin (ə) malik olduğu və bəzən örnək olsun deyə başqalarına nümunə göstərdiyi üstün keyfiyyətlərdən biri də döyüş meydanından qaçmaması idi. Belə ki, İmam Əli (ə) buyurmuşdur: “Sayca qat-qat çox olan düşmənin qarşısından heç vaxt qaçmadım, meydanda mənimlə qarşılaşan elə bir adam olmadı ki, qanı ilə torpağı sulamamış olsun.”[9] Onları siz öldürmədiniz, Allah öldürdü. (Ya Peyğəmbər! Onların üz-gözünə torpaq və çınqıl) atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir sınağa çəkmək istəyirdi. Allah eşidəndir, biləndir! Bu, belə idi (mömin və kafirlərin taleyi gördüyünüz kimi idi). Allah kafirlərin planlarını zəiflədəndir! Əgər siz qələbə istəyirsinizsə, qələbə artıq sizə üz tutdu. Əgər (müxalif mövqeyinizdən) əl çəksəniz, bu, sizin üçün daha xeyirli olar. Yox, əgər qayıtsanız, Biz də qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi (Allahın yardımından) ehtiyacsız etməz. Allah möminlərlədir! Ey iman gətirənlər! Allaha və Onun Peyğəmbərinə itaət edin, (sözlərini) eşitdiyiniz halda, ondan üz döndərməyin! Əslində, eşitmədikləri halda: “Eşitdik!” deyənlər kimi olmayın! Allahın nəzərində canlıların ən pisi düşünməyən karlar və lallardır. Əgər Allah onlarda bir xeyir bilsəydi, (haqq sözü) onlara eşitdirərdi. Əgər haqqı onların qulağına çatdırsa belə, yenə də üz çevirib imtina edərlər (boyun qaçırarlar). Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat bəxş edəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! Siz təkcə zalımlara toxunmayacaq bəladan qorxun. (Başqaları da susduğu üçün təkcə zalımlara deyil, bütün cəmiyyətə üz verəcək bəladan qorxun.) Bilin ki, Allah şiddətli əzab verəndir! —————————————————————————————- Allah torpaq atdı: Hədislərdə qeyd edilir ki, Bədr döyüşündə Peyğəmbər (s) İmam Əliyə (ə): “Mənə bir ovuc qum və çınqıl ver”, – deyə buyurur. İmam Əli (ə) belə də edir. Peyğəmbər (s) onu Qüreyş müşriklərinə doğru atır. Allahın istəyi ilə həmin qum və çınqıl müşriklərin gözlərinə dolur. Hədislərdə bu möcüzənin müsəlmanların qələbə çalmasında rol oynadığı bildirilir. Hər-halda Allah-taala bu ayədə müsəlmanlara və Peyğəmbərə (s) Bədr hadisəsinin, təpədən dırnağa qədər silahlanmış müşriklərin sayca həddən artıq az və silah-sursat cəhətdən də zəif olan müsəlmanlar tərəfindən məğlub olmasının adi bir iş olmadığını xatırladır. Allah-taala mələkləri göndərməklə möminlərin ürəklərini möhkəmləndirmiş, müşriklərin ürəyinə qorxu və dəhşət salmış, bir ovuc torpaqla müsəlmanların müşriklər üzərində qələbəsini reallaşdırmış, onların müşrikləri qətlə yetrməsinə, əsir götürməsinə və qənimət əldə etməsinə yardım göstərmişdir. Deməli, zahirdə müsəlmanlar qalib gəlsə də, Peyğəmbər (s) onlara tərəf bir ovuc torpaq atsa da, əsl qələbə Allaha aid idi. Buna görə də bu qalibiyyətin Allaha aid edilməsi daha düzgün olar[10]. İslam həyat bəxş edən bir dindir: Bu ayədə İslam çağırışının həyata – mənəvi, maddi, mədəni, iqtisadi, siyasi, əxlaqi, sosial və sair həyata, yaşamağa çağırış odluğu bildirilir. Bu, İslam və bu haqq din barəsində deyilmiş ən qısa və eyni zamanda ən əhatəli bir tərifdir. Əgər bir adam soruşsa ki, İslamın məqsədi nədir və bizə nə verə bilər, çox qısa bir cümlə ilə deyə bilərik ki, İslamın məqsədi bütün sahələrdə həyatı təmin etməkdir. Əlbəttə, həyat və yaşayış sözlərinin müxtəlif mənaları var. Həyat deyilərkən bitki həyatı, heyvan həyatı, fikri və əqli həyat, o biri dünyada əbədi həyat, həyat və yenilməz qüvvət sahibi olan Allahın sonsuz elm və qüdrətini ifadə edən həyatı nəzərdə tutula bilər. Həyat və yaşayışın bü dərəcələrinə əsasən məlum olur ki, Cahiliyyət dövrünün insanları maddi və heyvani həyata malik olsalar da, insani, mənəvi və əqli həyatdan məhrum idilər. Quran gəldikdən sonra onları insani və ilahi həyat və yaşayışa dəvət etdi[11]. Allahın bütün insanları və mövcudatı əhatə etməsi: Şübhəsiz ki, qəlb deyilərkən ruh və ağıl nəzərdə tutulur. Bu cümlədə Allahın hər yerdə hazır və nazir olduğunu, bütün yaradılış aləmini əhatə etdiyini, bu dünyadakı varlıqlarla bir olmadığı halda, onlardan ayrı və onlara yad olmadığı, ölüm, həyat, elm, qüdrət, əmin-amanlıq, uğur və səadətin Onun əlində, Onun qüdrəti daxilində olduğu, buna görə insanın Ondan heç nəyi gizlədə bilməyəcəyi, Onun razılığı və istəyi olmadan uğur və qələbə əldə edə bilməyəcəyi, bütün bu deyilənlərə əsasən, Ondan başqasına üz tutulmasının, Ondan başqasından yardım dilənməsinin rəva olmadığı qeyd edilmişdir. Çünki O, hər şeyin sahibidir və insanın bütün varlığını əhatə edir[12]. Fitnə (bəla): Ayədə fitnə deyilərkən hansı bəla formasının nəzərdə tutulduğu açıq şəkildə qeyd edilməmişdir. Ayənin məzmunundan belə başa düşülür ki, burada bəla deyilərkən İslamın haqq hökumətində sistemin tamamilə pozulması, rəhbərliyin haqqı çatmayan bir adamın əlinə keçməsi, Allah kitabının qəti hökmlərinin və Peyğəmbər (s) sünnəsinin məhv edilməsinə hədəflənmiş sözləşmə nəzərdə tutulmuşdur. Bəli, bu cür fitnənin zülmü bütün müsəlmanlara toxunur. Allah hamını belə bir fitnədən qorunmağa çağırmışdır. Əhli-beyt (ə) hədislərində möminlərin əmiri İmam Əlinin (ə) xəlifəliyinin qəsb edilməsi, ona qarşı Cəməl döyüşünün təşkili bu ayənin iki bariz nümunəsi kimi göstərilmişdir[13]. Xatırlayın, bir zaman siz yer üzündə az idiniz; zəif (aciz) sayılırdınız, adamların sizi ələ keçirməsindən qorxurdunuz. Ancaq Allah sizə sığınacaq verdi, köməklik göstərib sizi gücləndirdi və təmiz ruzilərdən verdi ki, bəlkə, şükür edəsiniz! Ey iman gətirənlər! Bilərəkdən Allaha və Peyğəmbərə xəyanət etməyin, habelə aranızda olan əmanətlərə də xəyanət etməyin! (Bu, çox böyük günahdır.) Bilin ki, mal-dövlətiniz və övladınız yalnız bir sınaq vasitəsidir. Ən böyük mükafat məhz Allah yanındadır! Ey iman gətirənlər! Əgər Allahdan (Ona qarşı çıxmaqdan) çəkinsəniz, O, sizə haqla-nahaqı ayırmaq üçün bir vasitə (sayəsində haqla batili bir-birindən ayıra biləcəyiniz bəsirət) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf və mərhəmət sahibidir! (Yadına sal ki,) bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarmaq üçün bir çıxış yolu fikirləşdilər (plan cızdılar). Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! Ayələrimiz onlara oxunduğu zaman: “Eşitdik, (elə də böyük bir şey deyil,) istəsək, biz də bunun bənzərini deyə bilərik. Bunlar qədimdəkilərin əfsanələrindən (uydurmalarından) başqa bir şey deyildir!” – söyləyərlər. (Amma yalan deyirlər, onun bənzərini əsla gətirə bilməzlər.) (Xatırla!) Bir zaman da: “Ya Allah! Əgər bu haqdırsa və Sənin tərəfindən gəlibsə, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər. Amma (ey Peyğəmbər,) nə qədər ki sən onların arasındasan, Allah onlara əzab göndərməyəcək. Bağışlanmalarını dilədikdə də Allah onlara əzab verməz! ——————————————————————————————- Əmanətə xəyanət ən mənfur əməllərdəndir: Xəyanət insanın hər hansısa haqqı ödəyəcəyinə söz verib ödəməkdən boyun qaçırmasına deyilir. Bu sözün antonimi “əmanət” sözüdür. Əmanət deyilərkən adətən maliyyə əmanətləri nəzərdə tutulsa da, Quran məntiqində bu sözün çox geniş məna yükü var, həyatın bütün sosial, siyasi və əxlaqi sferalarını əhatə edir. Hətta hədislərdə qeyd edilir ki, əgər bir məclisdə müəyyən bir mövzuda söhbət olarsa və sözü danışan adam bu söhbətin məclisdən çıxmasına razı olmazsa, həmin söz oradakılar üçün əmanət hesab edilir. Buna görə də İslamın suyu və torpağı müsəlmanların əlində ilahi əmanətdir. Onların övladları da əmanətdir. Allahın iki böyük əmanəti hesab edilən Quran və ilahi rəhbərlər isə əmanətlərin ən üstünü hesab edilir. Hər halda əmanətə xəyanət əməllərin ən mənfuru, günahların ən çirkinidir. Əmanətə xəyanət edən münafiqdir. Peyğəmbər (s) buyurmuşdur: “Münafiqin 3 əlaməti var: yalan danışar; verdiyi vədə xilaf çıxar; yanında nəyisə əmanət qoysan, xəyanət edər. Oruc tutsa, namaz qılsa, özünü müsəlman hesab etsə belə, bu cür şəxs münafiqdir.”[14] Mal-dövlət və övladlar iki sınaq vasitəsidir: Bu ayə əvvəlki ayənin davamıdır. Burada mal-dövlət və övladlara görə Allah, Peyğəmbər (s) və sair əmanətlərə xəyanət etməmək göstərişi verilir. Bilirik ki, Mədinəyə hicrət etdikdən sonra bəzi müsəlmanların sərvəti və övladları Məkkədə qalmışdı. Onlar müşriklərin diqqətini cəlb etmək və bununla da mal-dövlətlərini, arvad-uşaqlarını qorumaq üçün müsəlmanların bəzi sirli xəbərlərini müşriklərə çatdırırdılar. Bu ayədə müsəlmanlara bildirilir ki, onlar mal-dövlətləri və övladları ilə sınağa çəkilirlər, çalışsınlar bu sınaqdan başı aşağı çıxmasınlar[15]. Hər-halda bu iki vasitə insanın daha çox bağlı olduğu şeylərdir. Buna görə də hər birimiz sözügedən iki böyük sınaq meydanında özümüzü Allaha həvalə edək və diqqətli olaq. Çünki çoxları bu meydanda sürüşmüş və özlərinə əbədi lənət qazanmışlar[16]. Peyğəmbərin varlığı və tövbə əzabdan xilas olmanın iki amilidir: İmam Mühəmməd Baqirin (ə) İmam Əliyə (ə) istinadən buyurduğu bir hədisdə belə nəql edilmişdir: “Yer üzündə iki şey əmin-amanlıq və ilahi əzabdan xilas olma səbəbidir. Onların biri qaldırılmış, digəri qalmışdır. Ondan bərk-bərk yapışın. Qaldırılmış səbəb Peyğəmbər (s), qalan səbəb isə tövbə və bağışlanma diləməkdir. (Sonra bu ayəni oxudu.)”[17] Onlar Məscidül-həramın sahibləri olmadıqları halda, (möminlərin orada ibadət etməsinə) mane olduqlarında nə üçün Allah onlara əzab verməsin! Onun sahibləri yalnız təqvalılardır. Lakin onların əksəriyyəti bunu bilməz! (Namaz qıdlıqlarını iddia etdikləri halda,) onların evin (Kəbə evinin) yanındakı namazları (duaları) fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı! Kafirlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar (zəhmət çəkərək qazandıqları) bu malları sərf edəcəklər, lakin sonra peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəmə aparılmaq üçün topanılacaqlar ki, Allah murdarı pakdan ayırsın, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və birlikdə Cəhənnəmə atsın. Bunlar ziyana uğramışlardır. Kafir olanlara de: “Əgər onlar müxalif olmaqdan əl çəksələr (və iman gətirsələr), keçmişdəki günahları bağışlanar. Yox, əgər yenə əvvəlki əməllərinə qayıtsalar, əvvəlkilərin (keçmiş ümmətlərin) başına gələnlər onların da başına gələr. Fitnə (şirk və əsarət) aradan qaldırılıb, bütün din (və ibadət) yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (şirk, fəsad və yanlış əməllərinə) son qoysalar, (Allah onları qəbul edər). Allah onların nə etdiklərini görəndir. Əgər boyun qaçırsalar, bilin ki, (sizə heç bir ziyan vura bilməzlər) Allah sizin havadarınızdır. O, necə də gözəl havadar, necə də yaxşı yardımçıdır! ————————————————————————————— Məscidlərin təqvalı insanlar tərəfindən idarə edilməsi: Ayədə verilən hökm Məscidül-həram haqqında olsa da, bütün dini mərkəzlərə, məscidlərə, dini komplekslərə şamil olur. Bu mərkəzlərin pak, təmiz, fəal, təlim-tərbiyə, oyanış və diriliş ocaqları olmasını təmin etmək üçün onların rəhbər və sahibləri mütləq ən pak, ən təmiz, ən dindar və ən aktiv insanlar olmalıdırlar. Bir çox İslam ölkələrində olduğu kimi, sözügedən mərkəzlərin alqı-satqı bazarlarına, fikirlərin zəhərləndirilməsi və haqdan sapdırma mərkəzlərinə çevrilməməsi üçün məscidlərin və İslam mədəniyyət mərkəzlərinin rəhbərləri bir sıra artıq, natəmiz, özünü satmış, əcnəbi dövlətlərə bağlı insanlar olmamalıdırlar. Əgər müsəlmanlar İslamın məscidlər və dini mərkəzlərlə bağlı göstərişlərinə əməl etsəydilər, bu gün İslam cəmiyyətlərinin vəziyyəti başqa cür olardı[18]. Cahil ərəblərin ibadət formalarından bir nümunə: Tarixi mənbələrin yazdığına görə, Cahiliyyət dövrünün ərəbləri Kəbə evini təvaf edərkən evin ətrafına tamamilə çılbaq dolanır, fit verir, əl çalır və bu davranışlarını ibadət adlandırırdılar. Habelə, qeyd olunanlara görə, Peyğəmbər (s) üzünün həm Kəbəyə, həm də Beytül-müqəddəsə olması üçün Həcərül-əsvədin yanında üzü şimala doğru durub namaz qılırdı. Bu vaxt Bəni-Səhm qəbiləsindən olan iki nəfər, biri sağda, digəri solda olmaqla, Peyğəmbərin (s) yanında dayanırlar. Onu namaz qılarkən incitmək üçün biri fit, digəri isə əl çalır. Ərəblərin cəhalət tarixinin səhifələrini vərəqlədikcə və Qurandakı məlumatları araşdırdıqda çox böyük təəccüb içində kosmos və atom əsri olan müasir dövrümüzdə də insanların Cahiliyyət dövrünün hərəkətlərini təkrarladıqlarının və özlərini ibadət edənlərin sırasında olduqlarını güman etdiklərni görürük[19]. Yaxşıların və pislərin yeri: Allah-taala əvvəlki ayədə kafirlərin öz şeytani məqsədlərinə çata bilməyəcəklərini xəbər verir. Bildirir ki, onlar Allahın nurunu söndürmək və Allah dinini məhv etmək üçün əllərindən gələni edir, çoxlu sərmayə sərf edirlər. Ancaq onların bütün səylərinin nəticəsi yalnız ümidsizlik olacaq, axırda peşman olacaq, ziyana uğrayacaqlar. Bu ayədə qeyd olunan məsələnin dəlili açıqlanır. Belə ki, bu dünyada baş verən bütün hərəkətlər ilahi qanunlar çərçivəsində baş verir. İlahi qanuna əsasən, yaxşı və pis, pak və napak bir-birindən ayrılmalı, pisliklər bir yerə toplanıb sonda Cəhənnəmə atılmalıdır. Bəli, Cəhənnəm məhv yurdudur. Ora pisliklər karvanının məskənidir və Allahın qəzəb odu ilə əbədi yanacaqlar. Cənnət bütün yaxşılıqların məskənidir. Bütün təmizliklər, paklıqlar orada həmişəlik qalacaq. Bu ayədə Allahın qəti bir qanununa işarə edilmişdir, hər bir yaxşılıq sonda yaxşılıqlar məskəninə, hər bir pislik isə pisliklər məskəninə qovuşur[20]. Mehdi (ə) yer üzündə şirkin kökünü kəsəcək: İmam Sadiq (ə) bu ayə ilə bağlı belə buyurmuşdur: “Bu ayənin son yozumu və təfsiri hələ yetişməyib. Qaimimiz zühur edəndə həmin zamana təsadüf edən insanlar bu ayənin yozumunun şahidi olacaqlar. And olsun Allaha, Mühəmmədin (s) dini yer üzündə elə bir həddə gəlib çatacaq ki, dünyada bircə gecə də olsun bur nəfər müşrik qalmayacaq.”[21] Əgər siz Allaha və haqla batilin ayırd edildiyi – iki dəstənin bir-birilə qarşılaşdığı gün (möminlərlə qeyri-möminlərin bir-birindən ayrıldığı Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və (pulu qurtarıb) yolda qalan müsafirlərindir. Allah hər şeyə qadirdir! Siz aşağı, onlar yuxarı (düşmən sizdən üstün olduğu), karvan isə sizdən daha aşağıda olduğu vaxt (vəziyyət o qədər çətin idi ki,) əgər siz (döyüş meydanına getmək haqqında) bir-birinizlə vədələşsəydiniz, sonda vədinizə xilaf çıxardınız. Lakin Allah etməli olacağı işi yerinə yetirmək üçün belə etdi ki, həlak olanlar (və haqq yoldan sapanlar) aşkar bir dəlillə həlak olsun, sağ qalanlar (haqq yola yönələnlər) da aşkar bir dəlillə sağ qalsınlar. Allah eşidəndir, biləndir! O zaman Allah yuxuda sənə onların sayını az göstərdi. Əgər çox göstərsəydi, mütləq qorxar və (döyüşə başlayıb-başlamamaqla bağlı) bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi (bunların şərindən) salamat qurtardı. O, kökslərdə olanları biləndir! Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qaytarılacaqdır. Ey iman gətirənlər! Bir dəstə ilə üz-üzə gəldikdə qətiyyətli olun və Allahı çox xatırlayın ki, nicat tapasınız! —————————————————————————————- Xüms: Bu, Quranda xüms mövzusunun toxunulduğu yeganə ayədir. Bu ilahi hökmün şərhinə təfsirlər, fiqh kitablarında geniş şəkildə yer verilmişdir. Burada bir neçə mühüm məsələyə toxunmaq istəyirik: 1. Hədislərdən belə başa düşülür ki, bu ayədə “qohum-əqrəba” deyilərkən peyğəmbərin bütün qohumları deyil, Əhli-beyt (ə) imamları nəzərdə tutulur. Onların Peyğəmbərin (s) canişinləri və İslam dövlətinin rəhbərləri olduğunu nəzərə alsaq, xümsün qeyd olunan səhminin onlara verilməsinin səbəbi aydın olur. Başqa sözlə desək, Allahın səhmi, Peyğəmbərin səhmi və Peyğəmbərin (s) qohum-əqrəbasının səhmi İslam dövlətinin rəhbərinə aiddir. O, sadə həyat tərzini onunla təmin edir, qalan hissəni isə ümmətin idarəçiliyində cəmiyyətin ehtiyaclarının ödənilməsinə lazım olan müxtəlif sahələrə xərcləyir. 2. Hədislərə əsasən yetimlər, yoxsullar və yolda qalanlar deyilərkən Haşim övladlarından olan seyyidlərin yetimləri, yoxsulları və yolda qalanları nəzərdə tutulur. 3. Hədislərə, hətta lüğətlərdəki leksik mənasına əsasən, bu ayədə qənimət deyilərkən təkcə döyüşlərdə əldə edilən qənimət deyil, ticarət, fəaliyyət və ya müharibə vasitəsilə əldə edilən hər növ mənfəət nəzərdə tutulur. 4. Xümsün yarısının Haşim övladlarına verilməsi ayrıseçkilik deyilmi? Birincisi, xümsün seyidlərə və Haşim övladlarına aid olan hissəsi yalnız ehtiyacı olan seyidlərə aiddir. Verilən miqdar isə bir ilin ehtiyaclarının təminatı qədər olmalıdır, ondan artığını vermək olmaz. Buna görə də həmin hissədən iş qabiliyyəti olmayan, xəstə, yetim uşaq, yaşayış xərclərini tamamilə ödəyə bilməyən seyidlər yararlana bilərlər. İş qabiliyyəti olanlar, yaşayış təminatını ödəyə biləcək imkana malik olanlar xümsün bu hissəsindən istifadə edə bilməzlər. İnsanlar arasında dolaşan “hətta evlərinin damındakı navalçaları da qızıldan olsa, seyidlər xüms ala bilərlər” fikri yanlışdır və heç bir əsası yoxdur. İkincisi, Haşim övladları və seyidlərin yoxsul və ehtiyaclıları zəkatdan əsla istifadə edə bilməzlər, onun əvəzinə xümsün onlara aid olan hissəsi ilə kifayətlənməlidirlər. Üçüncüsü, əgər seyidlərin xümsdəki payı onların ehtiyaclarından çox olarsa, həmin artıq hissə beytülmala daxil edilməli və digər xərclərə sərf edilməlidir. Əgər seyidlərin səhmi onların ehtiyaclarını təmin etməzsə, o zaman beytülmaldan və zəkat səhmindən onlara pay verilməlidir. Bu üç cəhətə diqqət yetirdikdə məlum olur ki, əslində, maddi cəhətdən seyidlərlə qeyri-seyidlər arasında heç bir fərq qoyulmamışdır. Seyid olmayan ehtiyaclılar illik xərclərini zəkatdan ödəyə bilərlər, onlar xümsdən məhrumdurlar. Seyidlər də ehtiyaclarını ödəmək üçün xümsdən istifadə edirlər, onların zəkatdan istifadə etməyə haqları çatmır. Burada ortaya belə bir sual çıxır: əgər nəticə etibarı ilə bu iki hökm arasında heç bir fərq yoxdursa, bəs bu proqramın nə əhəmiyyəti var? Sualı cavablandırarkən qeyd edirlər ki, xüms ilə zəkat arasındakı mühüm fərq ondan ibarətdir ki, zəkat İslam cəmiyyətinin ümumi mallarından hesablanan gəlirlərdən verilir. Buna görə də onun istifadə yerləri məhz həmin istiqamətlərdir. Lakin xüms İslam hökumətinə aid olan vergilərdəndir. Yəni İslam höküməti və onun idarəçilərinin xərcləri onun vasitəsilə təmin edilir. Buna görə də seyidlərin ümumi camaatın malından məhrum edilməsi Peyğəmbərin (s) qohumlarının bu paydan uzaqlaşdırılmasına hesablanmışdır. Nəticədə, müxaliflərin “Peyğəmbər (s) öz qohumlarını camaatın malına daraşdırıb” məzmunlu bəhanələrinə son qoyulur. Digər tərəfdən, seyidlərin ehtiyaclıları da başqa bir vasitə ilə təmin olunmalıdırlar. Bu məsələ İslam qanunlarında elə tənzimlənmişdir ki, ehtiyaclı seyidlər ümumi büdcədən deyil, İslam hökumətinin büdcəsindən təmin oluna bilsinlər. Əslində, xüms seyidlər üçün imtiyaz deyil, ümumi maraqlar və insanların bədgüman olmasının qarşısını almaq üçün çıxış yoludur[22]. Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa zəifləyərsiz və gücünüz, qüdrətiniz tükənər. Səbirli və dözümlü olun, çünki Allah səbir edən, dözümlü olanlarladır! Yurdlarından təkəbbürlə, özlərini camaata göstərmək üçün çıxanlar və (insanları) Allah yolundan döndərənlər (sonda isə məğlubiyyətə uğrayanlar) kimi olmayın. Allah onların nə etdiklərindən xəbərdardır! (Xatırla) o zaman Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: “Bu gün insanlar içərisindən heç kəs sizə qalib gəlməyəcək. Mən sizin qonşunuzam (haminizəm)!” Lakin iki dəstə (kafirlər və mələklərin himayəsində olan möminlər) üz-üzə gəldiyi zaman dönüb qaçaraq: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Allah şiddətli əzab verəndir!” – demişdi. O zaman münafiqlər və ürəklərində mərəz olanlar: “Bunları (müsəlmanları) öz dinləri məğrur edib!” – deyirdilər. Lakin (onlar bilmirdilər ki,) kim Allaha təvəkkül edərsə (qalib olar,) çünki Allah yenilməz qüvvət, hikmət sahibidir! Əgər sən kafirləri mələklər onların üzünə və arxalarına vura-vura: “Dadın yandırıcı əzabı!” – deyib canlarını alanda görsən, (hallarına təəssüflənərsən). Bu, sizin əvvəlcədən göndərdiyiniz əməllərin qarşılığıdır. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Bu müşriklərin vəziyyəti) eynilə Fironun yaxınları və onlardan əvvəlkilərin vəziyyəti kimidir. Onlar Allahın ayələrini inkar etdilər, Allah da onları günahlarına görə cəzalandırdı. Allah qüvvətlidir, cəzası ağırdır! ————————————————————————————— 45-47. Düşmənlə mübarizə aparmaq üçün riayət edilməsi vacib olan yeddi mühüm göstəriş: Allah-taala bu üç ayədə İslam uğrunda aparılan döyüşlərdə və düşmənlə mübarizədə möminlərə yeddi göstərişə riayət etməyi vacib buyurmuşdur: 1. Qətiyyətli olmaq; 2. Allahı çox xatırlamaq; 3. Allah və Peyğəmbərə (s) itaət etmək; 4. Münaqişə və çəkişmələrdən əl çəkmək; 5. Səbirli və dözümlü olmaq; 6. Döyüşə nəfsani istəklərə görə və özünü camaata göstərmək üçün getməmək; 7. İnsanları Allah yolundan sapdırmamaq. Bu yeddi göstərişin məcmusu ən mühüm ümumi müharibə göstərişlərini ehtiva edən tam hərbi qanundur. Əgər Peyğəmbər (s) zamanında baş vermiş Bədr, Ühüd, Xəndək, Hüneyn və sair kimi müharibələrə diqqətlə nəzər salsaq, görərik ki, müsəlmanların qələbə çalmasının səbəbi bu göstərişlərə riayət etmək olmuşdur. Məğlubiyyətlə nəticələnən döyüşlərdə isə məğlubiyyət səbəbi məhz həmin göstərişlərə riayət edilməməsi və onların diqqətdən kənarda qalması olmuşdur[23]. Şeytan müşriklərin arasında: Şeytanın müşriklərin qəlbinə necə nüfuz etməsi, Bədrdə onlarla olan söhbətlərinin hansı formada olması ilə bağlı fikir ayrılıqları mövcuddur. Təfsirçilər arasındakı bu fikir ayrılıqları ümumilikdə iki inancda cəmləşir: 1. Bir qrup bu hadisənin batini vəsəvəsələr vasitəsilə baş verdiyini düşünür. Yəni Şeytan öz vəsvəsələrindən, müşriklərin mənfi və şeytani sifətlərindən istifadə edərək, əməllərini onlaırın gözlərində gözəl göstərmiş, onlara yenilməz bir qüvvəyə malik olduqlarını aşılamış, onlarda bir növ daxili sığınacaq və söykənəcək yaratmışdır. Lakin müsəlmanların ciddi müqaviməti və qələbəyə səbəb olan qeyr-adi hadisələrdən sonra bu vəsəvəsələrin təsiri onların qəlbindən yoxa çıxmış və hiss etmişlər ki, məğlubiyyətlə qarşı-qarşıyadırlar və heç bir sığınacaqları da yoxdur. Bunun nəticəsində onları Allah tərəfindən ağır əzab gözləyir. 2. Digər qrup hesab edir ki, Şeytan insan surətində təcəssüm etmiş və onların gözünə görünmüşdür. Kitablarda yer almış bir çox hədislərdə belə nəql edildiyni oxuyuruq: “Qüreyş Bədr meydanına doğru hərəkətə keçməklə bağlı ciddi şəkildə qərar qəbul etdiyi zaman daha öncədən düşmənçilikləri olan Bəni-Kənanə tayfasının hücum edəcəyindən qorxurdu. Bu vaxt İblis Bəni-Kənanə qəbiləsinin ən məşhur simalarından olan Səraqə ibn Malikin simasında təcəssüm edib Qüreyşin yanına gəldi və onlarla bir olduğunu, heç kəsin onlara qalib gəlməyəcəyini deməklə yanaşı, Bədr döyüşündə də iştirak etdi. Ancaq Bədrdə mələklərin endiyini görüb, geri çəkilib qaçdı, qoşun da müsəlmanlar tərəfindən aldıqları ciddi zərbələrə tab gətirə bilməyib, İblislə birlikdə qaçmağa üz tutdu. Müşriklər Məkkəyə qayıtdıqdan sonra qoşunun döyüş meydanından qaçmasına Səraqə ibn Malikin səbəb olduğunu dedilər. Bu xəbər Səraqəyə çatanda o: “Mənim bundan əsla xəbərim yoxdur”, – deyə and içdi. Onun Bədrdəki vəziyyətini əks etdirən bəzi əlamətləri qeyd etdikləri zaman bütün deyilənləri inkar etdi və and içdi ki, belə bir şey olmamış və o, Məkkəni tərk etməmişdir. Beləliklə də həmin şəxsin Səraqə ibn Malik olmadığı məlum oldu.” Bu ayədəki ifadələr və danışıq formasının zahiri məzmunu İblisin təcəssüm etməsi fikri ilə daha çox uyğunluq təşkil edir[24]. Bu ayədə “münafiqlər” deyilərkən kimlər nəzərdə tutulmuşdur? Bu ayədə “münafiqlər” və “qəlblərində mərəz olan şəxslər” deyilərkən kimlərin nəzərdə tutulması təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bunlar ya Mədinədə müsəlmanların sıralarına qatılmış, müsəlman olduqlarını və iman gətirdiklərini elan etmiş, lakin ürəklərində bunun əksini düşünən insanlar olmuşlar, ya da Məkkədə üzdə iman gətirib hicrət etməkdən imtina etmiş, Bədrdə müşriklərə qoşulmuş, müsəlmanların sayca kafirlərdən az olduğunu görüb “bu müsəlmanlar öz dinlərinə aldanıb döyüş meydanına ayaq basıblar” deyən şəxslərdir. Hər halda, Allah-taala onların qəlbində olanlardan xəbər verir, onların özlərinin və həmfikirlərinin səhvə yol verdiklərini buyurur[25]. Bu, ona görədir ki, Allah-taala heç bir tayfaya verdiyi neməti, həmin tayfa özünü dəyişməyincə dəyişməz. Allah eşidəndir, biləndir! Bu, Fironun ailəsi və onlardan əvvəlkilərin vəziyyətinə bənzəyir. Onlar Rəblərinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Fironun ailəsini batırdıq. Onların hamısı zalım idi! Allah yanında canlıların ən pisi kafir olanlar və iman gətirməyənlərdir. Onlar əhd bağladığın şəxslərdir ki, sonra hər dəfə öz əhdlərini pozar və (əhd pozmaqdan və xəyanət etməkdən) çəkinməzlər. Əgər meydanda (döyüş meydanında) onları görsən, üzərlərinə elə hücum çək ki, arxalarında olan qüvvələr pərən-pərən düşsünlər. Bəlkə xatırlasınlar (ibrət götürsünlər)! Əgər bir tayfanın sənə xəyanət edə biləcəyindən qorxsan, onlarla olan əhdin ləğv olunduğunu ədalətli şəkildə onlara elan et. Çünki Allah xainləri sevməz! Küfr yolunu tutmuş insanlar qabağa düşdüklərini (əzabımızdan xilas olunduqlarını) düşünməsinlər. Onlar Bizi əsla aciz qoya bilməyəcəklər! Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri və döyüş atlarını hazır vəziyyətə gətirin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz! Əgər onlar sülhə (barışığa) meyl etsələr, sən də sülhə razılıq ver və Allaha təvəkkül et. O, eşidəndir, biləndir! ———————————————————————————– Neməti dəyişmək insanın öz əlindədir: İmam Baqir (ə) buyurmuşdur: “Allah-taala qətiyyətlə bildirmişdir ki, bəndəsinə layiq gördüyü neməti o günah etməyincə və həmin günaha görə bəlaya, çətinliyə düşməyə layiq olmayınca ondan almaz.” İmam Sadiq (ə) buyurmuşdur: “Allah-taala peyğəmbərlərdən birini bir qövmə göndərərək ona belə deməsini vəhy etdi: “İstisnasız olaraq Mənə itaət edən bütün insanlar, bütün məmələkətlərin sakinləri şadlıq və sevinc içindədirlər. Əgər Mənim bəyənmədiyimdən Mənim bəyəndiyimə üz tutsalar, Mən də onları bəyənmədiklərindən xilas edib bəyəndiklərini onlara bəxş edərəm.”[26] Bu ayədən belə məlum olur ki, insanın ruhunda baş verən dəyişikliklərlə gündəlik baş verən hadisələr arasında birbaşa əlaqə var. Belə ki, insanlar daxili vəziyyətlərini dəyişməklə xarci aləmdə baş verən hadisələrin dəyişməsinə səbəb olurlar[27]. Əhd sındıran yəhudilər: Keçən ayələrdə müşriklərdən, onlarla olan döyüşlərdən və onların aqibətindən bəhs edilirdi. Bu ayədən sonra isə müharibə, sülh, müqavilə, onun pozulması və sair kimi göstərişlərdən və hökmlərdən bəhs edilir. Əlbəttə, 55-58-ci ayələrdə Mədinə və onun ətrafında olan yəhudilərdən danışılır. Peyğəmbər (s) onlarla Peyğəmbərə (s) və müsəlmanlara ziyan verməmək, onlara qarşı hiyləyə əl atmamaq, İslam düşmənlərinə kömək etməmək, əvəzində isə dinlərində qala bilmələri və təhlükəsiziliklərinin təmin olunması haqqında razılığa gəlmişdi. Lakin onlar bu razılaşmanın şərtlərinə əməl etməyib, biri-birinin ardınca onun şərtlərini pozdular. Nəhayət, Allah onlarla döyüşmək əmri verdi[28]. Düşmənlə mübarizə aparmaq üçün tam şəkildə hazırlıqlı olmağın vacibliyi: Bu ayədə İslamda cihad, müsəlmanların mövcudluğu, şan-şöhrəti və qürurunun qorunması istiqamətində ən çox önəm daşıyan bir məsələyə toxunulmuşdur. Ayənin məzmunu o qədər genişdir ki, hər bir əsrə, zamana və məkana tam şəkildə şamil olur. Qüvvə sözünün mənası çox genişdr. Buna görə də bu söz təkcə döyüş vasitələri, hər bir dövrün modern silahları deyil, maddi və mənəvi olmasından asılı olmayaraq, düşmənin məğlubiyyətə uğradılmasında rol oynayan bütün güc və qüvvələrə şamil olur. Deməli, hər bir dövrün son model silahlarından istifadə etməklə yanaşı ən mühüm güc və qüvvə hesab edilən əsgər və döyüşçülərin iman və ruhiyyəsinin gücləndirilməsi ilə də məşğul olmaq lazımdır. Habelə, güc və qüvvə mənasını ifadə edən, düşmənə qalib gəlməkdə çox mühüm rol oynayan iqtisadi, mədəni və siyasi qüdrət əldə edilməsini də yaddan çıxarmaq olmaz[29]. Əlbəttə, hazırlıqlı olmaq hücum etmək məqsədi güdməməlidir, məqsəd düşmənləri qorxutmaq olmalıdır. Bu qorxu müharibənin baş verməsinin qarşısının alınmasında mühüm rol oynayır. Həqiqətən də müdafiə bazasının yaradılması düşmənin hücumlarının qarşısının alınması və müdafiənin təmin olunmasında mühüm əhəmiyyət daşıyır. Qeyd olunan çox yüksək və müqəddəs hədəf ağıl və məntiqə də uyğundur[30]. Bəzi hədislərdə Peyğəmbərin (s) “qüvvə deyilərkən ox nəzərdə tutulur”, – deyə buyurduğu nəql edilir. Başqa bir hədisdə bütün silah növlərinin nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərin birində qılınc və qalxanın nəzərdə tutulduğu bildirilir. Bir hədisdə ağ saçların qaraldılmasına işarə edildiyi bildirilir. Yəni İslam, düşməni qorxutmaq üçün daha yaşlı döyüşçüyə gənc siması bəxş edəcək vasitələrdən olan saçların rənglədilməsi məsələsini diqqətdən kənar saxlamır. Bütün bunlar ayədəki qüvvə sözünün çox geniş məzmuna malik olduğunu göstərir[31]. Əgər onlar səni aldatmaq istəsələr, Allah sənə kifayət edər. O, Özünün və möminlərin yardımı ilə sənə güc verdi. Və onların ürəklərində bir-birinə qarşı ülfət yaratdı. Əgər sən onların ürəklərini bir-birinə bağlamaq üçün yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə bacarmazdın. Lakin Allah onlar arasında ülfət yaratdı, çünki O, yenilməz qüvvət, hikmət sahibidir. Ya Peyğəmbər! Allah və sənin ardınca gedənlər səni himayə etmək üçün kifayət edər. Ya Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər sizdən iyirmi nəfər mətin və qətiyyətli olsa, iki yüz kafirə, yüz nəfər mətin və qətiyyətli olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir dəstədir! Hələ ki, Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi. Artıq aranızda yüz nəfər mətin və qətiyyətli olsa, iki yüz nəfərə (kafirə), min nəfər olsa, iki min nəfərə Allahın iznilə qalib gələr. Allah səbirli və qətiyyətli olanlarladır! Tam qələbə çalmadan (ayağını yerdə möhkəmlətmədən) heç bir peyğəmbərə əsir götürmək yaraşmaz. Siz dünyanın əbədi olmayan malını istəyirsiniz (istəyirsiniz ki, daha çox əsir götürüb fidyə müqabilində azad edəsiniz), Allah isə (sizin üçün) axirət istəyir. Allah yenilməz qüvvət, hikmət sahibidir! Əgər Allahın öncədən (təbliğ etmədən heç bir ümmətə əzab verməyəcəyi ilə bağlı) hökmü olmasaydı, götürdüyünüz (əsirlər) müqabilində sizə ağrılı-acılı bir əzab gələrdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin və Allahdan qorxun. Allah bağışlayandır, rəhm edəndir! —————————————————————————————— Bir müsəlmanın on kafirə qarşı savaşması: Bu ayədə bir nəfərin on nəfərə qalib gələcəyi xəbər şəklində verilsə də, sonrakı ayənin məzmunundan, yəni “hələ ki, Allah sizdə bir zəiflik olduğunu bilib güzəştə getdi” cümləsindən vəzifə təyinindən, proqram və göstərişdən söhbət açıldığı məlum olur. Yəni müsəlman döyüşçülərin sayına görə düşmənlə eyni səviyyədə olmasını gözləməməlidir. Hətta müsəlmanlar sayca düşməndən on dəfə az da olsalar, yenə də cihad vacibdir[32]. Bu və sonrakı ayə bir yerdə nazil olsa da, mömilərin iki ayrı-ayrı zamandakı vəziyyətindən xəbər verir, onların iki fərqli şəraitdəki vəzifələrini bəyan edir. Bu vəziyyətlərdən biri möminlərin ilahi bəsirət baxımından daha yüksək, ruhi baxımdan daha güclü olması ilə bağlıdır. Yəni bu halda olanda möminlərin hər biri on nəfərə bərabərdir. Digər vəziyyət onların bəsirət və mənəvi güc baxımından aşağı səviyyədə olduğu zamanla bağlıdır. Belə olan halda onların biri iki nəfərə bərabərdir[33]. Burada diqqət yetirilməsi çox mühüm olan nüanslardan biri budur ki, Allah-taala bu hökmü imanı olmayan düşmənlərin şüur və dərrakəsinin olmaması ilə əsaslandırmışdır. Bu əsaslandırma ilk başlanğıcda adama çox qəribə və təəccüblü gəlir. Yəni ayıq və məlumatlı olmaqla qələbə arasında və ya bilməməzliklə məğlubiyyət arasında nə əlaqə ola bilər? Əslində, bu ikisi arasında çox möhkəm və yaxın əlaqə vardır. Çünki möminlər öz yollarını yaxşı tanıyır, öz yaranışlarının və var olmalarının məqsədini dərk edir, bu dünyanın müsbət nəticələrindən, o dünyada mücahidləri saysız mükafatlar gözlədiyindən xəbərdardırlar. Onlar nədən ötrü vuruşduqlarını, kimin üçün döyüşdüklərini, hansı müqəddəs məqsəd uğrunda fədakarlıq göstərdiklərini, bu yolda şəhid olacaqları təqdirdə kiminlə hesablaşacaqlarını bilirlər. Bu aydın yol və bu bilgi onlara səbir, dözüm, qətiyyət, cəsarət bəxş edir. İmansız və ya bütpərəst insan nə üçün döyüşdüyünü, kimin uğrunda müharibə apardığını, bu yolda ölərsə, onların qanının kim tərəfindən yuyulacağını bilmir. Yalnız kor-koranə təqlid və adət, quru təəssübkeşlik, məntiqsiz seçim ucbatından və ya maddi dünyanın ötəri ləzzətlərinə qovuşmaq üçün bu məktəbin arxasınca düşmüşlər. Bu yolun zülməti, məqsəddən xəbərsizlik, mübarizənin nətcəsindən, fəaliyyətlərinin aqibətindən xəbərsizlik onları zəiflədir, güc və dözümlülüklərini tükədir və onları zəif bir varlığa çevirir[34]. Tam qələbə çalmadan əsir götürmək qadağandır: Bu ayədə müharibə ilə bağlı çox həssas bir məsələyə toxunulmuşdur. Burada müsəlmanlara göstəriş verilir ki, düşmən üzərində tam qələbə çaldıqlarından əmin olmadan əsir götürmək fikrinə düşməsinlər. Bəzi hədislərdən belə məlum olur ki, İslamı yeni qəbul etmiş bəzi müsəlmanlar Bədr meydanında imkan daxilində düşmənləri əsir götüməyə çalışırdılar. Çünki həmin dövrün döyüş qaydalarına əsasən, döyüş başa çatdıqdan sonra əsir götürmüş dəstə yüksək məbləğdə fidyə alıb əsirləri azad edirdi. Bu davranış bəzi məqamlarda yaxşı addım hesab edilə bilər. Lakin düşmənin məğlub olmasından tam əmin olmadan belə bir fikrə düşmək çox təhlükəlidir. Çünki əsir götürmək, onların əl-qolunu bağlamaq və onların münasib bir yerə aparılması ilə məşğul olmaq çox vaxt döyüşçüləri əsl məqsəddən yayındırır. Bu da xəsarət almış düşmənə öz hücumlarını intensivləşdirməyə və döyüşçüləri məğlub etməsinə şərait yaradır. Ühüd döyüşündə qənimət toplamaq istəyi bir qrup müsəlmanın başını qatdı. Bu fürsətdən istifadə edən düşmən müsəlmanlara son zərbəsini endirdi. Buna görə də əsir götürmək yalnız düşmən üzərində tam qələbə çalındığından əmin olduqdan sonra icazəlidr. Bundan qeyri-surətdə müsəlmanlar qətiyyətli və ardıcıl zərbələri ilə hücuma keçmiş düşmənin güc və qüdrətini tükətməlidirlər. Əlbəttə, qələbədən tam əmin olduqdan sonra öldürməkdən əl çəkmək və əsir götürməklə kifayətlənmək insanlıq və humanizmin şərtidir[35]. Ya Peyğəmbər! Əlinizdə olan əsirlərə de: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə (niyyətiniz pak olsa), sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar. Axı Allah bağışlayandır, rəhm edəndir! Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilin ki, bu, yeni bir şey deyil,) onlar bundan əvvəl Allaha da xəyanət ediblər. Allah (sizi) onlar üzərində qalib etdi. Allah biləndir, hikmət sahibidir! İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib köməklik göstərənlər bir-birinin dostlarıdır. İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir öhdəliyiniz və dostluğunuz yoxdur. Lakin əgər onlar din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr, sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir! Kafirlər də bir-birinin dostlarıdır (köməkçi və müdafiəçiləridir). Əgər siz bunları (bu göstərişləri) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad baş verər. İman gətirib hicrət edənlər, Allah yolunda cihad edənlər və sığınacaq verib kömək edənlər – məhz onlardır həqiqi möminlər. Onları (axirətdə) bağışlanma və layiqli ruzi gözləyir! Sonradan iman gətirib hicrət edənlər və sizinlə bir yerdə vuruşanlar da sizdəndirlər. Qohumlar Allahın müəyyən etdiyi hökmlərdə bir-birlərinə daha layiqdirlər. Allah hər şeyi biləndir! ————————————————————————————— Kafir əsirlərin müsəlman olmasının faydaları: “Əgər Allah ürəklərinizdə bir yaxşılıq olduğunu bilsə” cümləsində İslamın qəbulu və iman gətirmə nəzərdə tutulmuşdur. “Sizə sizdən alınandan (fidyədən) daha yaxşısını verər və sizi bağışlayar” cümləsində maddi və mənəvi mükafatlar nəzərdə tutulmuşdur. Yəni İslam və iman sayəsində onlara maddi və mənəvi mükafatlar nəsib olacaq ki, bu da onların azad edilməsi üçün ödənilən fidyədən üstündür. Bundan əlavə, Allahın əsirlərə lütf etdiyi digər mükafat iman gətirdikdən sonra onların günahlarının bağışlanılmasıdır. İman gətirməzdən əvvəl etdikləri günahlar nəticəsində onların fikirlərinə və ruhlarına hakim kəsilmiş narahatlıq və işkəncə bağışlanılma ilə aradan qalxır. Əhli-beyt (ə) hədislərində azad edildikdən sonra Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib və bir neçəsi istisna olmaqla Bədr əsirlərinin hamısının Məkkəyə geri döndüyü qeyd edilmişdir. O, azadlığını əldə etmək üçün yüksək məbləğdə fidyə ödəyib azadlığına qovuşduqdan sonra müsəlman olmuşdu. Ancaq sonralar Peyğəmbər (s) Abbasa həmin fidyənin əvəzində çoxlu mal vermiş və bu ayəni demişdir. Ümumiyyətlə, Peyğəmbər (s) müsəlman olmuş əsirlərə ruh yüksəkliyi verir, azad olmaq üçün fidyə verdikləri malları daha yaxşı şəkildə özlərinə qaytarırmış[36]. Müsəlmanların hicrət etməmiş möminlər qarşısındakı məsuliyyəti: Bu ayədən surənin sonuna qədər olan ayələrdə beş qrup insandan bəhs edilmişdir. Onların dördü müsəlman, biri isə kafirdir. Həmin müsəlman qruplar bunlardır: 1. İlk mühacirlər; 2. Mədinə dostları, ənsarlar; 3. İman gətirib hicrət etməyənlər; 4. Sonradan iman gətirib mühacirlərə qoşulanlar. Allah-taala üçüncü qrup haqqında belə buyurur: “İman gətirib hicrət etməyənlərə gəldikdə isə, nə qədər ki hicrət etməyiblər, sizin onlar qarşısında heç bir məsuliyyət, öhdəlik və dostluğunuz yoxdur.” Yalnız bir halda himayə və məsuliyyət istisna olunur: “Lakin əgər onlar din yolunda (öz dinlərini qorumaq üçün) sizdən yardım istəsələr, sizinlə (düşmənçiliyə son qoyulması ilə bağlı) razılaşması olan tayfaya qarşı yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir.” Başqa sözlə desək, onları müdafiə etmək yalnız onlar müşriklərlə qarşı-qarşıya gəldikləri zaman zəruri olur. Əgər onlar müsəlmanların saziş bağladıqları kafirlərlə qarşı-qarşıya gəlsələr, sazişə hörmət bu qrupu müdafiə etməkdən daha üstündür[37]. Kafirlərlə dostluq münasibəti ilə bağlı qadağanın fəlsəfəsi: Allah-taala əvvəlki ayələrdə müsəlmanlara göstəriş verir ki, müsəlmanlar gərək bir-biri ilə dost, qardaş olsunlar, bütün hallarda bir-birinə yardım göstərsinlər. Belə ki, kafirlərin də arasında belə bir əlaqə mövcuddur. Əlbəttə, kafirlərlə müsəlmanlar arasında belə bir əlaqə olmamalıdır. Bu cümlə, əslində, əvvəlki ayələrdəki göstərişlərin mahiyyətini və dəlilini bəyan edir. Əlbəttə, hər bir cəmiyyətin öz fərdləri arasında dostluq, qardaşlıq və bərabərlik əlaqəsinin olmasına ehtiyacı vardır. İslam cəmiyyəti haqq və ədalətə əsaslandığı üçün İslam cəmiyyətinin düşməni olan kafirlərlə dostluq və əlaqə yaradılması onlarla qaynayıb qarışmaq nəticəsində İslam mədəniyyətinin aradan getməsinə, onların batil inanacları və davranışlarının İslam cəmiyyətinə sirayət etməsinə, İslam cəmiyyətinin sıradan çıxmasına və pozulmasına səbəb olur. Əgər müasir dövrümüzdə mövcud olan İslam ümmətinin vəziyyətinə diqqətlə nəzər salsaq, bu göstərişə əməl etmədiyi üçün İslam dünyasının əsl fitnə və böyük fəsadın bir nümunəsinə çevrildiyinin şahidi olarıq[38]. [1] “Ənfal” kəlməsi “nəfl” sözündən götürülmüş, mənası “çoxluq, artıqlıq” deməkdir. Müstəhəb namazlara da ona görə “nafilə” deyilir ki, onlar vacib namazlara əlavə edilir. Nəvəyə nafilə deyilməsinin səbəbi onun övladlara əlavə edilməsi ilə bağlıdır. “Naufəl” daha çox bəxşiş verən adama deyilir. Döyüş qənimətlərinə “ənfal” deyilməsi döyüşdən sonra müəyyən əşyaların və malların sahibsiz qalaraq qailb gələn döyüşçülərin əlinə keçməsi ilə bağlıdır. [2] Nümunə, c.7, səh.77 [3] Əl-Mizan, c.9, səh.7 [4] Nümunə, c.7, səh.81 [5] Nümunə, c.7, səh.81 [6] Nümunə, c.7, səh.93 [7] Əl-Mizan, c.9, səh.22 [8] Əl-Mizan, c.9, səh.1 [9] Nümunə, c.7, səh.113; Əl-Mzan, c.9 ,səh.57 [10] Əl-Mizan, c.9, səh.60 [11] Nümunə, c.7, səh17 [12] Nümunə, c.7, səh.129 [13] Əl-Mizan, c.9, səh.51 [14] Nümunə, c.7, səh.136 [15] Əl-Mizan, c.9, səh.56 [16] Nümunə, c.7, səh.138 [17] Nurus-səqəleyn, c.3, səh.41 [18] Nümunə, c.7, səh.156 [19] Nümunə, c.7, səh.157 [20] Əl-Mizan, c.9, səh.75 [21] Nümunə, c.7, səh.166 [22] Nümunə, c.7, səh.174 [23] Nümunə, c.7, səh.194 [24] Nümunə, c.7, səh.201 [25] Nümunə, c.7, səh.203 [26] Əl-Mizan, c.9, səh.112 [27] Təfsiri-mövzui, c.12, səh.193 [28] Əl-Mizan, c.7, səh.222. Mədinə yəhudilərinin tarixi ilə bağlı daha ətraflı məlumat əldə etmək istəyənlər “Əl-Mizan” kitabında bu ayənin təfsirinə müraciət edə bilərlər. [29] Nümunə, c.7, səh.222 [30] Pəyame-Quran, c.10, səh.336 [31] Nümunə, c.7, səh.222 [32] Nümunə, c.7, səh.236 [33] Əl-Mizan, c.7, səh.128 [34] Nümunə, c.7, səh.237 [35] Nümunə, c.7, səh.244 [36] Nümunə, c.7, səh. 252; Pəyame-Quran, c.10, səh.379 [37] Nümunə, c.7, səh.255 [38] Əl-Mizan, c.9, səh.145

QURANI KƏRIM 24.12.2024

“Əraf” surəsi

“Əraf” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim, Sad. Bu, (insanları doğru olmayan inancları və davranışlarının acı aqibətindən) qorxutmaq və möminlərə xatırlatmaq üçün sənə nazil edilən bir kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın! Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa rəhbərlərə və məbudlara tabe olmayın. Siz öyüd-nəsihətə az qulaq asırsınız! Biz neçə-neçə şəhər və kəndləri məhv etdik. Əzabımız onları gecə, yaxud gündüz vaxtı istirahət edərkən haqladı. Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır. Şübhəsiz ki, (həm) peyğəmbər göndərilən ümmətləri, (həm də) peyğəmbərlərin (özlərini) sorğu-suala çəkəcəyik. Sonra da onlara (əməllərini) öz elmimizlə şərh edəcəyik. Biz əsla qaib deyildik (hər yerdə bəndələrin əməllərini görürük). O gün çəki (əməllərin qiymətləndirilməsi) haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır! Tərəziləri yüngül gələnlər isə ayələrimizə qarşı haqsızlıq etdiklərinə görə varlıq sərmayələrini itirənlərdir. Biz yer üzünün sahibliyini, hökmranlığını, rəhbərliyini sizə verdik və orada sizin üçün dolanışıq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edirsiniz! Sizi yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. ——————————————————————————————- Surənin ümumi məzmunu: Surənin əvvəlində yaradılış və məad mövzusuna qısa şəkildə işarə edilmişdir. Daha sonra insan şəxsiyyətinin dəyərini göstərmək məqsədilə Adəmin yaranışındakı çox mühüm cəhətlərə işarə edilmiş, Adəm övladlarının düz yola yönəlməsi və özlərini islah etməsi ilə bağlı Allahın onlardan aldığı əhdlər tək-tək qeyd edilmişdir. Tövhid, ədalət, təqva yolundan azmışların uğursuzluğa, məğlubiyyətə uğradığını və həqiqi möminlərin qələbə çaldığını göstərmək üçün keçmiş xalqlar, Nuh (ə), Lut (ə) və Şüeyb (ə) peyğəmbərin qövmlərinin başına gələn hadisələrə işarə edilir və bunlara İsrail oğullarının əhvalatı, Musanın (ə) Fironla apardığı mübarizə də əlavə edilir. Surənin sonunda yenidən yaradılış və məad mövzuları yer alır[1]. Peyğəmbərə təsəlli verilməsi: “…Sənə nazil edilən Kitabdır. Ondan ötrü ürəyində bir sıxıntı və narahatlıq olmasın” cümləsində Peyğəmbərə (s) təsəlli verilmişdir. Bu ayələr Allah tərəfindən nazil olduğu üçün onlara görə narahat olmaq lazım deyil, nə çiyinlərinə götürdüyü peyğəmbərlik vəzifəsinin ağırlığına görə, nə inadkar və tərs düşmənlərin ona qarşı göstərəcəkyi reaksiyaya görə, nə də göndərilənin təbliğinin nəticəsinə görə narahat olmaq lazım deyil. Bu surənin Məkkədə nazil olduğunu nəzərə alsaq, Peyğəmbərin (s) hansı problem və çətinliklərlə qarşılaşdığını təsəvvür etmək elə də çətin deyil. Baxmayaraq ki, bu gün biz Peyğəmbər (s) və səhabələrinin Məkkə mühitindəki həyatlarının İslamın ilk dövrlərinə aid cəhətlərini xırdalıqlarına qədər təsvir edə bilmirik. Lakin onun həmin dövrdə həyatın bütün sahələri üzrə tamamilə geridə qalmış bir mühitdə qısa müddət ərzində inqilab etdiyini nəzərə alsaq, hansı çətinliklərin meydana çıxdığını ümumi şəkildə təsəvvür edə bilərik. Buna görə də narahat olmaması üçün Allah ona təsəlli verir, fəaliyyətinin nəticəsinə ümid yaradırdı[2]. Qiyamətdə əməllərin ölçülməsi: Qiyamətdə əməllərin ölçülməsi və ölçü vasitəsi ilə bağlı çox fikirlər mövcuddur. Lakin nəzərə almalıyıq ki, sözləri tam başa düşmək üçün həmin sözlər öz dövrümüzün mövcud nümunələrinə köklənməməli, məzmunları nəticə aspektindən qiymətləndirməliyik. Məsələn, keçmişdə çıraq, içərisində bir qədər yağ, ortasından fitil asılmış, havanı tənzimləməsi üçün üzərinə şüşə keçirilmiş qaba deyilirdi. Halbuki indi çıraq deyilərkən içində yağ, fitili və şüşə örtüyü olan qab deyil, bir işıqlandırıcı cihaz nəzərdə tutulur. Sadəcə, indiki çıraqla keçmiş çırağı birləşdirən cəhət onların nəticəsidir. Yəni hər ikisi qaranlığa işıq salan vasitələrdir. Tərəzi də belədir. Məsələn, zaman keçdikcə tərəzilərin necə dəyişdiyinin şahidi oluruq. Hətta digər vasitələri ölçmək üçün hazırlanmış və istifadə edilən cihazlara ayrı-ayrı adlar müəyyən edilir. Termometri buna misal göstərə bilərik. Deməli, Qiyamət günü insanların əməlləri, dünyada gödüyümüz tərəzi və ölçü cihazları ilə deyil, xüsusi bir vasitə ilə ölçüləcək. Həmin vasitələr peyğəmbərlər, imamlar (ə) və saleh bəndələr də ola bilər. Əhli-beyt (ə) hədislərində bu məna daha aydın şəkildə ifadə edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Qiyamət günündə ölçü vasitələri peyğəmbərlər və onların canişinləri olacaq.” Başqa bir hədisdə belə qeyd edilmişdir: “Möminlərin əmiri və onun övladlarından olan imamlar tərəzilərdir.” Əslində, dünyanın nümunəvi kişi və qadınları insanların əməllərinin ölçü miqyaslarıdır. Hər kəs onlara nə qədər oxşayırsa, bir o qədər çəkili və dəyərlidir, onlardan uzaq olanlar az çəkili və ya çəkisizdirlər[3]. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi. (Allah) buyurdu: “Oradan (olduğun məqamdan) aşağı en. Orada (o məqamda) təkəbbürlü olmağa haqqın çatmır. (Oradan) çıx, çünki sən cılız və alçaqlardansan!” (İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!” (İblis) dedi: “İndi ki Sən məni azdırıb yoldan çıxartdın, mən də Sənin düz yolunun üstündə onlara pusqu quracağam. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gedəcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!” (Allah) buyurdu: “Oradan (o məqamdan) rüsvay olmuş və xar edilmiş halda çıx. And içirəm ki, onlardan hər kim sənə tabe olsa, Cəhənnəmi sizin hamınızla dolduracağam! Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zülm edənlərdən olarsınız!” Şeytan o ikisinin bədənindəki gizli yerləri aşkara çıxarmaq məqsədilə onlara vəsvəsə edib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!” Həm də onlara: “Mən sizin xeyrinizi istəyənlərdənəm”,- deyə and içdi. Beləliklə, onları hiylə-kələklə (məqamlarından) endirdi. Həmin ağacdan daddıqda ayıb yerləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbləri onlara xitab edərək buyurdu: “Məgər sizə bu ağacı qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?” ————————————————————————————- İblsin özünü üstün görməsi: Bu ayədən belə məlum olur ki, İblis odun torpaqdan üstün olduğunu düşünmüşdür. Bu da onun ən böyük səhvlərindən biri idi. Bəlkə də heç səhv etməmişdi, qəsdən yalan danışırdı. Çünk biz torpağın müxtəlif nemətlərin, həyat üçün lazım olan bütün maddələrin mənbəyi, canlı varlıqların öz həyatlarını davam etdirməsi üçün zəruri vasitə olduğunu bilirik. Halbuki od belə bir mahiyyətə malik deyil. Adəmin üstünlüyü onun topraqdan yaranmasında deyildi, onun əsl üstünlüyü insanlıq ruhuna malik olmasında, Allahın nümayəndəsi olmasında idi. Deməli, odun torpaqdan üstün olduğunu hətta fərz etsək belə, bu amil Allahın lütf etdiyi ruh, əzəmət və xəlifəlik qarşısında səcdə edib təvazökarlıq göstərməməyə əsas vermir. Ehtimal ki, Şeytan bütün bunları bilirdi, lakin təkəbbürü və özünü bəyənməsi onun qarşısını aldı, qalanları bəhanə idi[4]. İblisin təkəbbürünün nəticəsindən ibrət dərsi götürmək: Bu ayədən aydın olur ki, Şeytanın bütün bədbəxtlikləri onun təkəbbüründən qaynaqlanır. Möminlərin əmiri İmam Əli (ə) təkəbbür və özünü üstün tutmağın pisliyi haqqında belə buyurmuşdur: “Allahın İblislə olan davranışından ibrət dərsi götürün. Təkəbbür onun bütün yaxşı əməllərini, səy və cəhdlərini nəticəsiz qoydu. İblis altı min il Allaha bəndəlik etdi, lakin bir saat təkəbbürlü oldu. İblisdən sonra Allaha qarşı bu cür itaətsizlik edən şəxs əzabdan xilas ola bilərmi? Əsla, pak və müqəddəs olan Allah mələyin Cənnətdən qovulmasına səbəb olan bir əməli törətmiş insanı Cənnətə daxil etməz.”[5] Şeytan dörd bir tərəfdən pusqu qurub: Bu ayə Şeytanın dilindən qeyd edilmiş, onun insanlara necə pusqu qurması, dörd bir tərəfdən onlara yaxınlaşması və vəsvəsə etməsinə işarə etmişdir. Əlbəttə, “sirati-müstəqim” (düz yol) deyilərkən maddi deyil, mənəvi yol nəzərdə tutulduğu kimi, dörd cəhət deyilərkən də maddi deyil, mənəvi məzmun başa düşülür. Qurana əsasən deyə bilərik ki, “qarşılarından” deyilərkən insanın arzusunda olduğu şirin və ya baş verəcəyindən qorxduğu bədbəxt hadisələr olmasından asılı olmayaraq, gələcəkdə baş verəcək hadisələr nəzərdə tutulur. Hər iki növ hadisə insanın pusqusunda dura bilər. O qədər arzular var ki, insanı günahdan saxlayır, o qədər dəhşətli qorxular var ki, insanı yaxşı işdən, xeyirdən və savabdan saxlayır. “Arxalarından” deyilərkən Adəmin övladları və nəsli nəzərdə tutulur. Çünki insan elə güman edir ki, onun həmişəyaşarlığı övladlarının həyatda olmasından, şadlıq və narahatlığı isə onların şadlıq və narahatlığından asılıdır. Buna görə də halal-haram bilmədən onlar üçün sərvət toplayır, çox vaxt övladlarının dünya xoşbəxtliyini təmin etmək üçün özünü cəhənnəmlik edir. “Sağlarından” deyilərkən insanın müsbət yönü, yəni dini yönü nəzərdə tutulur. Şeytan dini yöndən hücuma keçə, dində ifrat və mübaliğə edərək bu davranışları insanın gözündə gözəl göstərə, insanı Allahın vacib buyurmadığı işləri görməyə vadar edə və bu vasitə ilə insanı cəhənnəmlik edə bilər. “Soldan” deyilərkən dinsizlik nəzərdə tutulur. Şeytan ehtiras və qəzəb vasitəsilə insana nüfuz edə, onu ehtiras yaradan günahlara sövq edə və bu vasitə ilə onu cəhənnəmlik edə bilər. İmam Sadiqin (ə) bu ayə ilə bağlı buyurduğu hədis də qeyd etdiklərimizi təsdiq edir: “Ön tərəfdən onlara doğru gedərəm”, yəni axirəti onların gözündə dəyərsiz edərəm. “Arxa tərəfdən…”, yəni onalrı sərvət toplamağa, Allahın vacib buyurduğu hüquqları yerinə yetirməməyə və bununla da sərvətinin varislərinə qalmasına çalışaram. “Sağ tərəfdən…”, yəni dinlərini azğınlıqla bəzəmək, etdikləri oxşar əməlləri gözəl göstərərək sıradan çıxararam. “Sol tərəfdən…”, yəni dünya ləzzətlərini sevimli, ehtirasları qəlblərinə hakim edərəm.”[6] “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olacağıq!” – dedilər. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (öz məqamınızdan) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanışıq vasitəsi vardır”. (Allah) buyurdu: “Orada (yer üzündə) yaşayacaq, orada öləcək və (Qiyamətdə) oradan çıxarılacaqsınız!” Ey Adəm övladları! Sizə bədəninizi örtəcək və bəzək vasitəsi olacaq bir libas göndərdik. Lakin təqva libası daha yaxşıdır. Bunlar xatırlamağınız üçün Allahın nemətlərindəndir. Ey Adəm övladları! Şeytan ata-ananızı Cənnətdən qovdurduğu və ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını soyundurduğu kimi, sizi də aldadıb yoldan çıxartmasın. Şübhəsiz ki, o (Şeytan) və həmkarları sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. Biz şeytanları iman gətirməyənlərin dostları etdik. Çirkin bir iş tutduqları zaman: “Atalarımızı belə edən gördük. Bunu bizə Allah əmr etmişdir”,- deyirlər. De: “Allah çirkin əməli (əsla) əmr etməz. Allaha bilmədiyiniz şeyimi aid edirsiniz?” De: “Rəbbim ədaləti əmr etdi. Hər bir məsciddə (ibadət vaxtı) üzünüzü Ona tərəf tutun. Dininizi yalnız Onun üçün xalisləşdirərək ibadət edin. Sizi ilk başlanğıcda yaratdığı kimi, (Qiyamətdə) yenə qayıdacaqsınız! Bir dəstəni doğru yola yönəltdi, (layiq olmayan) bir dəstə isə azmağa layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə rəhbər seçmiş və doğru yolda olduqlarını güman edirlər. —————————————————————————————- Həzrət Adəmin günahsızlığı: Bu ayədən belə başa düşülür ki, Adəm (ə) Allahın göstərişinə əməl etmədi, qadağan olunmuş ağaca yaxınlaşdı və onun meyvəsindən yedi. Digər tərəfdən də bilirik ki, o, Allahın peyğəmbərlərindədir, peyğəmbərlər isə məsumdurlar, əsla günah etməzlər. Deməli, Adəm (ə) günah edib? Təfsirçilər bu suala cavab verərkən günahları iki qrupa bölmüşlər: qeyd-şərtsiz günahlar, nisbi günahlar. Qeyd-şərtsiz günah Allahın qəti fərmanına qarşı çıxmaq, bütün vacibləri tərk etmək, istənilən harama bulaşmaqdır. Nisbi günah (daha yaxşını tərk etmək) isə böyük bir şəxsiyyətin malik olduğu məqam və mövqeyə yaraşmayan qeyri-haram bir əməli etməsinə deyilir. Çox yüksək məqam sahibi olan bir şəxsin öz məqam və mövqeyinə uyğun olmayan halal və hətta yaxşı bir əməli də nisbi günah sayıla bilər. Məsələn, mömin və varlı bir şəxsin bir yoxsulu yoxsulluqdan xilas etmək üçün az miqdarda yardım göstərməsi günah deyil, hatta savabdır, lakin sanki günaha batmışdır. Allah dostlarından birinin namazı diqqətsiz qılması da məzəmmətə səbəb olur. Ancaq həmin namaz adi insanlar üçün yaxşı hesab edilə bilər. Adəmə (ə) ağacla bağlı qoyulmuş qadağa haram məzmunlu qadağa deyil, daha yaxşını tərk etməmək qismində olan bir göstəriş olmuşdur. Lakn Adəmin (ə) mövqeyinə əsasən bu qadağa çox mühüm məzmun daşıyır, onu yerinə yetirməmək Allah tərəfindən qeyd olunan şəkildə cəza verilməsinə səbəb olmuşdur. Bir ehtimala görə isə həmin ağacın Adəmə (ə) qadağan edilməsinin səbəbi onun özünün asayşinin təmin olunması üçün idi. Yoxsa ki, həmin ağaca yaxınlaşmaq günah deyildi. Çünki həmin vaxt Adəm (ə) hər hansı öhdəliklə vəzifələndirilmədiyi üçün cəza və mükafat söhbət mövzusu ola bilməz. Məsələn, həkimin ziyanverici qidalara qadağa qoymasını buna misal göstərə bilərik. Şübhəsiz ki, xəstə həkimin göstərişinə əməl etməsə, onun şəxsinə qarşı çıxmış sayılmır, sadəcə, onun tövsiyəsinə laqeyd yanaşaraq özünü çətinliyə salmış olur. Allah-taala Adəmə (ə) göstəriş vermişdi ki, qadağan edilmiş ağacın meyvəsindən yemək onun Cənnətdən çıxmasına, nəticədə, çətinliyə düşməsinə səbəb olacaq. Deməli, həmin ağacın meyvəsindən yemək günah deyildi. Sadəcə, Allahın tövsiyəsindən çıxmaq Adəmin (ə) yer üzündə çətinliyə düçar olmasına səbəb oldu[7]. Təqva ən üstün libasdır: Allah insanın bədənini, ayıb yerlərini örtən, bədəninin çöldə qalmasının qarşısını alan libasdan danışdıqdan sonra insana zahiri libasdan daha yaxşı olan, onun batini, aşkara çıxarmasından qorxduğu eyiblərini örtən batini libasdan söz açır. Bu libas Allahın göstəriş verdiyi təqva (Allaha görə günahlardan qorunmaq) libasıdır. Məlumdur ki, zahiri eyiblərin aşkara çıxması ilə baş verən rüsvayçılıq və xarlıq batini eyiblərin aşkara çıxması ilə baş verən rüsvayçılıqla eyni səviyyədə deyil. Çünki batini eyiblərin aşkara çıxması Allahın qəzəbi və onun alovlanmış oduna bərabərdir. Deməli, batini libas olan təqva libası zahiri libasdan daha yaxşıdır. İmam Baqir (ə) bu ayədən danışarkən “iffət”i təqva libasının bir nümunəsi kimi tanıtdırdıqdan sonra belə buyurmuşdur: “Təqva libası iffətdir. İnsanın ayıb yeri əynində libas olsa belə, iffət vasitəsilə örtülü olur. Günahkar insanın əynində paltar olsa belə, ayıbları çöldə olur.”[8] Yəni təqvalı insan hətta əynində heç bir paltar olmasa belə, heç bir halda öz iffətini itirmir, iffəti bütün varlığının mahiyyətini təşkil edir. İfətsiz, həyasız insanın əynində növbənöv paltarlar olsa belə, hər bir şəraitdə həyasızdır. Şeytandan ehtiyatlı olun: Allah-taala bu ayədə bütün insanlara xitab edərək buyurur ki, batini eyiblərinizi yalnız təqva libası ilə örtün. Bu libas sizin fitrətinizə və zatınıza xas olan bir libasdır. Deməli, Şeytanın, eyiblərini üzə çıxarmaq üçün ata-analarınızın batini təqva libaslarını əyinlərindən çıxardığı kimi, bu libası sizin də əyninizdən çıxarmasına əsla imkan verməyin. Buradan aydın olur ki, Şeytanın Adəmə və Həvvaya qarşı gördüyü iş insanların təqva libaslarının onların canları və ruhlarından çıxarmasının bir nümunəsi olmuşdur. Bəli, aldanmayana qədər hər bir şəxs Cənnətdədir. Aldandığı vaxt Allah onu Cənnətdən çıxardır[9]. (Allah onlara) buyuracaq: “Sizdən əvvəl yaşamış özünüzə bənzər cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!” Hər tayfa girdikcə digərinə lənət oxuyacaq. Nəhayət, hamısı orada zillət içində toplandıqdan sonra tabe olanlar öndər və rəhbərlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunların od əzabını ikiqat artır! (Birini özləri azdıqlarına görə, digərini də bizi azdırdıqlarına görə.)” (Allah) buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!” (Çünki tabe olanlar haqq yolda olmayan rəhbərlərin ətrafına toplaşmasaydılar, onların insanları azdırmağa qüdrətləri çatmazdı.) Öndərlər isə tabe olanlara: “Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Buna görə də etdiklərinizin cəzası olaraq dadın əzabı!” – deyəcəklər. Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil olmayacaqlar. Biz günahkarlara belə cəza veririk! Onlar üçün Cəhənnəmdən (Cəhənnəm odundan) döşək və üstlərinə örtmək üçün (oddan) örtüklər vardır. Biz zalımları belə cəzalandırırıq! İman gətirib yaxşı işlər görənlər isə – əlbəttə, Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! Biz onların (Cənnət əhlinin) ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (qəsrləri və ağacları) altından çaylar axar. Onlar deyərlər: “Həmd bizi buraya gətirib çıxaran Allaha məxsusdur! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz (buranın) yolu(nu) tapa bilməzdik. Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər!” Onlara: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” – deyə xitab ediləcəkdir. ———————————————————————————– Göyün qapıları: Allah rəsulunun (s) bir hədisində belə buyurduğunu oxuyuruq: “Mömin bəndə dünyadan ayrılıb axirət evinə doğru üz tutduqda, çöhrələri günəş kimi parlayan ağ üzlü mələklər göydən Cənnət libasları və xoş ətirli hənutla onun yanına enərək onun ətrafında əyləşərlər. Sonra ölüm mələyi enər və həmin bəndənın yastığının kənarında əyləşib deyər: “Ey təmiz ruh, Allahın rəhmətinə və razılığına doğru çıx!” Bu zaman möminin canı onun bədənindən su tuluğun ağzından çıxdığı kimi çıxar. Baxmayaraq ki, siz canın alındığını başqa cür görürsünüz. Canını aldıqdan sonra dərhal Cənnət libasına büküb hənutlayarlar və ondan dünyadakı müşkün ətrindən də gözəl bir qoxu qalxar. Onu yuxarı qaldırarlar. Hansı mələyin yanından keçərlərsə: “Bu pak ruh kimdir?”, – deyə soruşar. Onlar isə: “Filankəsindir”, – deyə cavab verər və onu dünyada çağırılan ən gözəl adlarla təqdim edərlər. Nəhayət, dünya səmasının sonuna çatar və onun açılmasını istəyərlər. Göyün qapısı üzlərinə açılar və yeddinci göyə qədər hər bir göyün yaxın mələkləri onu növbəti göyə qədər müşayiət edər, yola salarlar. Bu zaman Allah-taala buyurar: “Mənim bəndəmin əməl dəftərini ən yüksək dərəcələrə qeyd edin və onu yerə endirin. Çünki onları torpaqdan yaratdım, torpağa da qaytarar və yenidən oradan qaldıraram.” Bundan sonra onun ruhu (qəbirdə) bədəninə qaytarılar. Sonra iki mələk gəlib qarşısında oturar və soğru-suala başlayarlar: – Rəbbin kimdir? – Rəbbim Allahdır. – Dinin hansıdır? – Dinim İslam dinidir. – Aranızdan seçilmiş bu kişi kimdir? – O, Allahın elçisidir. – Haradan bilirsən? – Allahın kitabını oxudum, ona iman gətirdim və təsdiq etdim. Bu zaman göydən səs gələr: “Bəndəm düz deyir. Cənnətdən onun üçün paltar gətirin, ayaqları altına xalı sərin. Cənnətin qapısını açın ki, oranın xoş ətri və mehi ona dəysin!” Bundan sonra onun qəbri açılar və oraya gözəl üzlü, gözəl geyimli və gözəl qoxulu bir adam daxil olaraq deyər: “Səni sevindirəcək bir aqibətin müjdəsini gətirmişəm. Bu, sənə müjdə verilən həmin gündür.” Həmin bəndə ondan soruşar: “Sən kimsən ki, simandan xeyir və yaxşılıq yağır?” O deyər: “Mən sənin saleh əməlinəm.” Bəndə deyər: “İlahi, Qiyamət gününü indi et. Qiyamət gününü indi et ki, ailəmə və sahib olduqlarıma qovuşum.” Sonra Peyğəmbər (s) sözünü belə davam etdirir: “Kafir bəndə axirətə doğru yollananda, dünyadan ayrılarkən qara üzlü mələklər cod paltarlarla enər və onu əhatəyə alarlar. Sonra ölüm mələyi enər, yastığının kənarında əyləşib deyər: “Ey çirkli can, Allahın qəzəbinə doğru çıx!” Bu vaxt ruhunu bədənindən daraq yaş yundan çör-çöpü ayırdığı kimi çıxarar. Sonra onu dərhal cod paltara bükərlər. Ondan yer üzündəki ən mürdar iydən də pis bir iy qalxar. Hansı mələyin yanından keçərlərsə: “Bu çirkli ruh kimindir?”, – deyə soruşar. Onlar isə: “Filankəsindir”, – deyə cavab verər və onu dünyada çağırılan ən pis adlarla təqdim edərlər. Nəhayət, dünya səmasının sonuna çatar və onun açılmasını istəyərlər. Göyün qapısı açılmaz.” Peyğəmbər (s) bura çatdıqda bu ayəni oxumuşdur: “Göyün qapıları açılmaz.” (Peyğəmbər (s) davam edərək buyurur:) “Allah-taala buyurar: “Əməl dəftərini ən aşağı dərəcələrə qeyd edin. Onun ruhunu xar edərlər… Sonra göydən səs gələr: “Bəndən yalan deyir. Onun üçün oddan xalı sərin. Cəhənnəmin qapısını üzünə açın ki, oranın istisi və öldürücü küləkləri ona dəysin.” Sonra qəbir onu elə sıxar ki, kürəyi xurd-xəşil olar. Bu vaxt yanına çirkin üzlü, əynində çirkli paltarlar olan, pis qoxulu bir şəxs gələrək deyər: “Sənə əziyyət verəcək bir sonun müjdəsini gətirmişəm. Bu, sənə vəd verilmiş həmin gündür. Həmin kafir ondan soruşar: “Sən kimsən ki, simandan şər yağır?” Həmin adam deyər: “Mən sənin çirkin əməlinəm.” Bu zaman həmin kafir deyər: “İlahi, Qiyamət gününü gerçəkləşdirmə!”[10] Cənnət əhli Cəhənnəm əhlinə səslənib: “Biz Rəbbimizin bizə vəd etdiyini haqq olaraq gördük. Siz də Rəbbinizin sizə verdiyi vədin gerçək olduğunu gördünüzmü?” – deyə soruşacaq. Onlar: “Bəli!” – deyə cavab verəcəklər. Elə bu zaman onların arasında bir carçı belə car çəkəcək: “Allah zalımlara lənət eləsin!” Onlar insanları Allah yolundan döndərər, (şübhə toxumları səpməklə) onu əyri göstərmək istəyərlər və axirəti də inkar edərlər!” Onların ikisinin (Cənnət əhli ilə Cəhənnəm əhlinin) arasında pərdə var. Əraf (Cənnətlə Cəhənnəmin arasındakı sədd) üzərində isə hər iki dəstəni üzündən tanıyan insanlar vardır. Onlar Cənnət əhlini səsləyərək: “Sizə salam olsun!” – deyərlər, ancaq oranın həsrətini çəkmələrinə baxmayaraq, Cənnətə daxil olmurlar. Onların gözləri Cəhənnəm əhlinə sataşdığı zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” – deyərlər. Əraf əhli üzlərindən tanıdıqları adamlara sələnərək deyəcək: “Sizə nə yiğdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi.” Bunlar (Əraf üzərində olanlar) “Allahın rəhməti onlara şamil olmayacaq”, – deyə and içənlər deyilmi? (Lakin Allaha olan inamlarına və bəzi xeyirli əməllərinə görə Allah onlara buyurar:) “Cənnətə daxil olun. Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz!” Cəhənnəm əhli Cənnət əhlini çağırıb deyəcək: “Bir az su və ya Allahın sizə verdiyi ruzilərdən bizə bir qədər ehsan edin!” Onlar isə deyəcəklər: “Allah bunları kafirlərə haram buyurmuşdur.” Dinlərini oyun-oyuncaq və əyləncəyə çevirənlərə, dünya həyatının məğrur etdiyi şəxslərə. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq! ————————————————————————————– Əli (ə) Qiyamətin carçısıdır: İmam Rza (ə) bir hədisində bu ayəyə işarə edərək buyurmuşdur: “O carçı möminlərin əmiri Əlidir (ə).” İbn Abbasa isitnad edilən bir hədisdə belə deyilir: “Kitabda Əlinin (ə) elə adları var ki, camaat onları bilmir. Onlardan biri də bu ayədə qeyd edilən “Carçı” adıdır. O: “Allahın lənəti olsun mənim rəhbər olduğumu yalan hesab edən və haqqımı yüngül sayan şəxslərə!” – deyə car çəkəcək.[11] 46-49. Cənnətin yolu üzərindəki çətin keçid: Ayə və hədislərdən belə başa düşülür ki, “Əraf” Cənnətin yolu üzərində keçilməsi qeyri-mümkün olan bir keçiddir. Təbii ki, saleh və pak insanlar bu keçiddən sürətlə keçəcəklər, lakin yaxşı ilə pisi bir-birinə qarışdıranlar bu yolda qalacaq, çətinliyə düşəcəklər. Cəmiyyətlərin və xalqların rəhbərləri çətin keçidlərdə arxada gəlib bütün orduya yardım göstərən sərkərdələr kimi dayanıb zəif möminlərə yardım göstərəcəklər. Xülasə, ləyaqəti çatanlar bu rəhbərlərin yardımları sayəsində xilas olacaqlar. Deməli, Ərafda iki qrup insan olacaq: zəiflər və mərhəmət edilmiş günahkarlar; bütün hallarda zəiflərə yardım göstərən rəhbərlər. Bəzi hədislərdə də bu mövzu öz əksini tapmışdır. İmam Sadiq (ə) buyurmuşdur: “Əraf Cənnətlə Cəhənnəmin arasında bir təpədir. İmamlar o adamlardır ki, möminlər heç bir sorğu-sual olmadan Cənnətə daxil olduqları halda, onlar Ərafda şiələrin yanında olacaqlar. Öndərlər öz günahkar ardıcıllarına deyəcəklər: “İmanlı qardaşlarınıza yaxşı baxın, sorğu-sual olunmadan Cənnətə tələsirlər.” Bu, Allahın buyurduğu həmin məsələdir: “Sizə salam olsun!” – deyərlər, ancaq oranın həsrətini çəkmələrinə baxmayaraq, Cənnətə daxil olmurlar.” Sonra onlara deyiləcək: “Düşmənlərinizə baxın, oddadırlar.” Bu, Allahın: “Onların gözləri Cəhənnəm əhlinə sataşdığı zaman: “Ey Rəbbimiz! Bizi zalımlarla bir etmə!” – deyərlər.”, – deyə buyurduğu həmin məsələdir. Sonra Cəhənnəm əhlinə deyəcəklər: Bunlar (günaha batmış ardıcıllar və şiələr) həmin adamlardır ki, siz onlara: “Allahın rəhməti sizə şamil olmayacaq”- deyə tənə edərdiniz. Bu günahkarlara imamlar tərəfindən belə bir göstəriş veriləcək: “Heç bir qorxu və kədər hissi keçirmədən Cənnətə daxil olun!”[12] Peyğəmbərə (s) aid olan bir hədisdə belə deyilir: “Qiyamət günü Allah bütün bəndələri toplayacaq. Sonra Cənnət əhlinə Cənnətə getmək, Cəhənnəm əhlinə Cəhənnəmə getmək göstərişi veriləcək. Sonra Əraf əhlinə deyiləcək: “Nəyin həsrətini çəkirsiniz?” Deyəcəklər: “İlahi, Sənin fərmanını gözləyirik.” Onlara deyiləcək: “Etdiyiniz yaxşı əməllər sizi oddan xilas etdi. Lakin günahlarınız Cənnətə girməyinizə mane olur. Ancaq Mənim rəhmət və mərhəmətimlə Cənnətə daxil olun!” Əlbəttə, burada onların bağışlanılmasının səbəbkarı Ərafda olan şəfaətçilər və Allah dostlarıdır. Hədislərin birində bir nəfərin Peyğəmbərdən (s): “Əraf yoldaşları kimlərdir?”, – deyə soruşduqda o həzrətin belə buyurduğu nəql edilmişdir: “Onlar atalarına itaətsizlik göstərsələr də Allah yolunda öldürülmüş şəxslərdir. Şəhidlik onların Cəhənnəmə, itaətsizlik isə Cənnətə daxil olmasına mane olur. Onlar Cənnətlə Cəhənənmin arasında olan divarın üzərindədirlər. Allah bütün yaratdıqlarını sorğu-suala çəkdikdən sonra yalnız onlar qalacaqlar. Allah onlara mərhəmət göstərib Öz rəhməti (peyğəmbər və imamların şəfaəti) ilə Cənnətə daxil edəcək.”[13] Həqiqətən, Biz onlara tam dolğun şəkildə izah etdiyimiz, inanan bir qövm üçün hidayət və mərhəmət olan bir kitab gətirdik. Onlar yalnız ayələrin yozumunu gözləyirlər? Onların yozumunun çatdığı gün daha öncə onu unutmuş olan şəxslər deyəcəklər: “Rəbbimizin elçiləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı? Yoxsa etdiyimiz əməllərdən başqasını etmək üçün geri qayıdaqmı?” Onlar ömür sərmayələrini tükədiblər. Uydurduqları tanrılar gözlərindən itəcək. Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra varlıq aləmini hakimiyyəti altına alan, gündüzü onun arxasınca sürətlə hərəkət edən gecə vasitəsilə örtüb bürüyən, Günəşi, Ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah mübarəkdir! Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. O, həddi aşanları sevməz! Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşı işlər görənlərə çox yaxındır! Küləkləri Öz mərhəməti önündə müjdəçi olaraq göndərən Odur. Belə ki, küləklər (yağmur yüklü) ağır buludları hərəkətə gətirdiyi (daşıdığı) zaman Biz onları (buludları) ölü (qurumuş) bir məmləkətə tərəf qovur, onun vasitəsilə su endirir və onunla hər cür meyvə yetişdiririk. Biz ölüləri də (dirildib qəbirlərindən) belə çıxaracağıq. Bəlkə, xatırlayasınız! —————————————————————————————- Dünyanın altı günə yaranması: Dünyanın altı günə yaranması məsələsinə Quranın yeddi ayəsində işarə eilmişdir. Ortaya belə bir sual çıxır: Bildiyimiz kimi, gecə və gündüz yerin günəş sistemində öz oxu ətrafında firlanması nəticəsində meydana gəlir. Deməli, yer və göy yaranmazdan əvvəl gecə ilə gündüz olmayıb. Belə olan halda dünyanın yaranışı ilə bağlı qeyd edilmiş bu ifadə nə dərəcədə düzgündür? Digər tərəfdən, dünyanın ümumilikdə altı günə yaranması da elmi təsdiqini tapmır. Çünki elm yer və göyün indiki vəziyyətinə milyardlarla ildən sonra gəlib çatdığını sübuta yetirir. Öncə bunu qeyd etməliyik ki, “gün” sözünün çox geniş məna yükünə malik olması və onun ayrı-ayrı dillərdəki qarşılığı bu sualın yaratdığı şübhəyə aydınlıq gətirir. “Gün” sözü çox vaxt “dövr” mənasında işlənir. (Məsələn, ingilis dilində “time” ərəb dilində olduğu kimi, sutka mənasını ifadə etməklə yanaşı, dövr və zaman mənalarını da bildirir.) Bu dövr bir il də ola bilər, yüz il də, milyon, milyard il də. Nümunə üçün, Allah Quranda “dirilmə”ni “Qiyamət günü” sözü ilə ifadə etmişdir. Halbuki dirilmə dövrünün çox uzun sürəcəyini bilirik. Amma Quran ayələri və hədislər əsasında dirilmə günü və əməllərin hesablanmasının əlli min il sürəcəyi göstərilmişdir. İmamlardan biri bu ayə haqqında belə buyurmuşdur: “Altı gün, yəni altı vaxt, altı dövr.” Hər-halda Quran ayələrinin məcmusundan belə başa düşülür ki, Allah-taala yer və göyü altı ardıcıl dövrdə yaratmışdır. Bu dövrlər milyonlar və milyardlar illə ifadə edilə bilər. Müasir elm bunu inkar etmir. Ehtimal ki, bu dövrlər aşağıdakı ardıcıllıqla sıralanmışdır: 1. Bütün dünya qaz kütləsi şəklində olmuş, öz çevrəsində dövrə vuraraq parçalara ayrılmış və kürələr yaranmışdır. 2. Həmin kürələr tədricən parlaq ərinti, soyuq və həyat üçün əlverişli olan kütlələr şəklini almışdır. 3. Bu kütlələrin bəzisinin dövri hərəkəti nəticəsində sistemlər yaranmışdır. Yerin Günəşdən ayrıldığı Günəş sistemi də belə formalaşmışdır. 4. Yer soyumuş və həyat üçün əlverişli imkanlara malik bir kürə şəklini almış, üzərində sular və dənizlər meydana gəlmişdir. 5. Yerdə bitkilər, ağaclar bitmiş, yemək və qidalanmaq üçün lazım olan şərait yaranmışdır. 6. Yer üzündə canlılar və heyvanlar yaranmışdır[14]. Yaratmaq və əmr etmək: Ayədə yaratmaq və əmr etmək deyilərkən nəzərdə tutulan məna təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu və digər ayələrin konteksti “yaratmaq” deyilərkən ilk yaranışın, “əmr” deyilərkən isə Allahın əmri ilə yaradılış aləminə hakim kəsilmiş, mövcudatı özünə tabe edən qanunlar və sistemlər nəzərdə tutulduğunu deməyə əsas verir. Bu, əslində, Allahın dünyanı yaradıb onu başlı-başına buraxdığını, Özünün də çəkilib bir kənarda oturduğunu düşünənlərə bir cavabdır[15]. Dua forması: Şübhəsiz ki, Allahla bağlılıq, məbudla dərdləşmək, Ona dua etmək fərd və cəmiyyətin formalaşmasında mühüm rol oynayır. Allah-taala bu ayədə duanın oxunma qaydasını göstərmişdir: Öncə Allahın ad və sifətlərini qəlbdə və ruhda canlandırıb bütün diqqəti bir yerə toplamaq, yüksək təvazökarlıqla, ağlaya-ağlaya çağırmaq; İkinci, gizlində, səssiz-küysüz bir yerdə təmiz ürək, səmimi qəlblə dua etmək. Bir gün həzrət Musa (ə) bir kişinin əl qaldırıb yalvarışla dua etdyini görüb öz-özünə deyir: “Əgər onun istədiyi mənim əlimdə olsaydı, verərdim”. Allah bu zaman vəhy edərək buyurur: “Mən ona qarşı səndən də mehribanam. O, məni istəyir, ancaq fikri qoyunlarının yanındadır. Mən fikri Məndən başqasının yanında olan bəndənin duasını yerinə yetirmirəm.” Musa (ə) həmin kişiyə yaxınlaşıb ona Allaha səmimi qəlbdən dua etməsini tövsiyə edir. Kişi səmimi qəlbdən dua edir və Allah duasını qəbul edib istədiyini verir[16]. Təmiz (və münbit) yerin bitkiləri Rəbbinin əmri ilə çıxar. Ancaq pis (şoranlıq) yerdə yalnız dəyərsiz bitkilər bitər. Ayələri şükür edənlərə belə izah edirik. Biz Nuhu öz qövmünə göndərdik. O dedi: “Ey mənim qövmüm! Tək olan Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Mən sizə görə böyük günün əzabından qorxuram!” Qövmünün böyükləri: “Biz səni açıq-aydın azğınlıqda görürük!”, – deyə cavab verdilər. (Nuh) dedi: “Mən qətiyyən azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini çatdırır və sizin xeyrinzi istəyirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! Yoxsa sizi (yanlış əməllərinizin nəticəsi ilə) qorxutmaq, sizin də təqvalı olmanız və rəhm oluna bilinməniz üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdaredici göstərişin gəlməsinə təəccüb edirsiniz?” Nəhayət, onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə qərq etdik (suda boğduq). Onlar, həqiqətən, kor bir dəstə idi. Ad qövmünə da qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Məgər (Allahın əzabından) qorxmursunuz?” Qövmünün kafir başçıları ona: “Biz səni safehlik içində görür və yalançılardan hesab edirik!” – deyə cavab verdilər. (Hud) dedi: “Ey qövmüm! Mən heç də səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! ————————————————————————————- İlahi hidayətdən faydalanarkən istedad fərqliliyi: Ayədə bu və o biri dünya həyatında hər kəsin qarşılaşacağı bir məsələyə işarə edilmişdir. Belə ki, hər hansı məqsədin hasil olması üçün təkcə subyekt fəaliyyəti kifayət etmir. Bunun üçün istedad və potensial da şərtdir. Yağış damcılarından daha incə və həyatverici bir şey ola bilməz. Lakin həmin yağışın bir yerdə yaşıllıq və gül bitirməsi, başqa bir yerdə çör-çöp bitirməsi onun incə təbiəti ilə təzad təşkil etmir[17]. Peyğəmbər (s) hədislərinin birində buyurmuşdur: “Allahın mənə peyğəmbər olaraq əmr etdiyi hidayət və elm torpaq üzərinə yağan yağış kimidir. Yağış bir yerə yağır, onun bir hissəsi həmin suyu udur, nəticədə, çoxlu bitkilər göyərir, başqa bir hissəsi udub özündə saxlayır və insanlar həm özləri içmək, həm də əkinlərini suvarmaq üçün ondan istifadə edirlər. Həmin yağış, suyu özündə saxlamayan, bitki göyərtməyən dağ-daşa da düşür. İnsanlar da mənim dinimlə münasibətdə üç qrupa bölünürlər: bəziləri onu öyrənir və öz çullarını sudan çıxarır, başqalarına yardım əli uzatmır, başqalarına heç nə öyrətmirlər; bəziləri həm özləri ondan faydalanır, həm də başqalarına öyrədirlər; üçüncü qrup isə nə özləri ondan faydalaır ,nə də başqasına öyrədirlər.”[18] Təkallahlıq inancı peyğəmbərlərin ilk şüarıdır: Təkallahlıq şüarı təkcə Nuh (ə) deyil, bütün ilahi peyğəmbərlərin ilk şüarı olmuşdur. Buna görə də bu və Quranın digər surələrinin ayrı-ayrı ayələrində ilk çağırışa başlayarkən peyğəmbərlərin çoxunun ilk şüarının “ey mənim qövmüm, tək olan Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur”[19] olduğu qeyd edilmişdir. Bu cümlələrdən şirk və bütpərəstliyin bütün insanların xoşbəxtlik yolu üzərində olan ən böyük tikanlar olduğu yaxşı başa düşülür. Təkallahlıq inancının bağbanları olan peyğəmbərlər insan cəmiyyətlərindəki səmərəli gül və ağac növlərini yetişdirmək üçün hər şeydən əvvəl öz yaradıcı təlimləri ilə bu tikanları təmizləməyə çalışırdılar[20]. Peyğəmbərlər insanların qardaşlarıdırlar: Həzrət Hud (ə), habelə Nuh (ə), Saleh (ə), Lut (ə) və Şüeyb (ə) haqqında qardaş ifadəsinin işlədilməsinin səbəbi onların çox ürəyiyanan, mehriban, öz qövmləri ilə qardaş kimi davranmaları, onların düz yola yönləndirilməsi istiqamətində əllərindən gələni əsirgəməmələri olmuşdur. Bu ifadə fərd və cəmiyyətə qarşı hədsiz dərəcədə can yandıran insanlar haqqında işlədilir. Bundan əlavə, qeyd olunan söz bərabərlikdən və insanın istənilən şəkildə özünü başqalarından üstün tutmamasından xəbər verir. Yəni Allah adamları insanları yönləndirərkən heç bir iddiada olmamış, yalnız onları bədbəxtlik bataqlığından xilas edib Allaha doğru yönləndirmək məqsədi güdmüşlər. Hər halda “qardaşları” deyilərkən din qardaşlığı nəzərdə tutulmamışdır. Çünki bu xalqlar onsuz da peyğəmbərlərin islahedici çağırışlarına müsbət cavab verməmişlər[21]. Mən sizə Rəbbimin əmrlərini çatdırıram. Mən sizin etibarlı xeyirxahınızam. Yoxsa sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir adam (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə xəbərdaredici göstərişin gəlməsinə təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuhun qövmündən sonra onun yerinə gətirdi, sizi xilqətcə (fiziki cəhətdən) daha qüvvətli etdi. Allahın nemətlərini yada salın ki, bəlkə, nicat tapasınız!” Dedilər: “Sən bizə ona görə gəldin ki, biz yalnız tək olan Allaha ibadət edək və atalarımızın tapındıqları bütlərdən əl çəkək? Əgər doğru deyirsənsə, bizə vəd verdiyin şeyi (Allahın əzabını, bəlasını) gətir!” Dedi: “Artıq Rəbbinizin nifrət və qəzəbi sizi əhatə edib. Sizin və atalarınızın (tanrı niyyəti ilə bütlərə) qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir. Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm! (Siz mənim məğlub olmağımı, mən də ilahi əzabın sizə gəlməsini gözləyirəm.)” Nəhayət, onu (Hudu) və onunla birlikdə olanları Öz mərhəmətimizlə xilas etdik. Ayələrimizi yalan hesab edib iman gətirməyənlərin isə kökünü kəsdik. Səmud qövmünə da qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, onu incitməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız! ————————————————————————————– Ad qövmü güclü idi və qabaqcıl sivilizasiyaya malik idi: “Sizi xilqətcə (fiziki cəhətdən) daha qüvvətli etdi” cümləsi Ad qövmünün fiziki cəhətdən daha güclü olduğuna işarə edir. Həm müxtəlif Quran ayələri, həm də tarixi mənbələr onların iri cüssəli, möhkəm bədənli, güclü, qabaqcıl sivilizasiyaya, yamyaşıl bir əraziyə malik olduğundan xəbər verir. “Fussilət” surəsinin 15-ci ayəsində onların dilindən belə deyilir: “Kim bizdən daha güclüdür?”. “Haqqə” surəsinin 7-ci ayəsndə də etdikləri əməllərin cəzası olaraq onların başlarına gələn bəla haqqında belə buyurulduğunu oxuyuruq: “Sən onların iti əsən küləklər arasında çürümüş və içiboş xurma ağacları kimi yerə yıxılıb məhv olduqlarını görmədinmi?”[22] Bütpərəstlərin Hudla (ə) mübahisəsi: Bu ayədə bütpərəstlərin bütlərə sitayişlə bağlı irəli sürdüyü dəlillər rədd edilir. Onlar deyirdilər ki, ataları bütpərəst, eyni zamanda onlardan ağıllı olmuşlar. Buna görə də onlar atalarının yolunu gedir, bütlərə ibadət edirlər. Həzrət Hud (ə) onlara belə cavab verir: “Sizin kimi, atalarınızın da bütlərin tanrı olması ilə bağlı doğru-düzgün dəlilləri olmamışdır. Siz öz əllərinizlə daşı və ya ağacı yonub onlara adlar qoyur, birini bolluq, digərini müharibə, üçüncüsünü isə dəniz və ya quru tanrısı adlandırırsınız. Bu bütlərin sizin qoyduğunuz adlardan başqa heç bir kimliyi yoxdur. Onların tanrılığı yalnız sizin xəyallarınıza aiddir. Hətta adlandırılması belə öz əlinizdə olan bir ovuc xülya ilə mənim qəti dəlil-sübutlara əsaslanan iddiama cavab vermək istəyirsiniz?” “Sizin və atalarınızın (tanrı niyyəti ilə bütlərə) qoyduğu adlar barəsində mənimlə mübahisəmi edirsiniz? Halbuki Allah onlar barədə heç bir dəlil endirməmişdir” cümləsi Quranın bir neçə yerində bütpərəstlik ənənəsini puça çıxarmaq üçün təkrar edilmişdir. Bu cümlə bütpərəstliyin puç olduğunu sübut etmək üçün aydın və təsirli dəlil, ən incə və dəqiq izah növlərindən biridir. İddiaçı öz iddiasını sübut etmək üçün dəlil və sübut gətirə bilmədikdə, iddia etdiyi məsələ ilə bağlı konkret forma və tərif vermək üçün xülya qəlibi yaratmaqdan başqa çarəsi yoxdur. Ən primitiv cəhalətlərdən biri insanın dəlil və sübutlar qarşısında inadkarlıq göstərməsi, xülya təriflərə əsaslanmasıdır[23]. Salehin dəvəsi: “Naqə” dişi dəvəyə deyilir. Quranın yeddi ayəsində Salehin (ə) dəvəsindən söz açılmışdır[24]. Bu, Salehin (ə) peyğəmbərliyini sübuta yetirmək üçün Allahın Səmud qövmü üçün möcüzə olaraq dağdan çıxardığı dəvədir. Buna görə də “naqə” sözü “Allah” sözü ilə təyinləndirilərək “nəqətullah” (Allahın dəvəsi) şəklində işlədilmişdir. Bu dəvə[25] Səmud qövmünü sınamaq üçün Allahın onlara göndərdiyi bir vasitə idi. Sizi Ad qövmündən sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını yonub özünüzə evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə fitnə-fəsad törətməyə çalışmayın!” Ad qövmünün təkəbbürlü başçıları iman gətirmiş əlsiz-ayaqsız yoxsullara üz tutub: “Siz əminsiniz ki, Saleh həqiqətən, Rəbbi tərəfindən göndərilmişdir?” – deyə soruşdular. Onlar: “Bəli, biz ona əmr olunmuş hər bir şeyə inanırıq!” – deyə cavab verdilər. Təkəbbürlülər dedilər: “Sizin inandığınızdan biz imtina edirik!” Sonra o dəvəni tutub kəsdilər və Rəblərinin əmrindən çıxaraq: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğun şeyi gətir!” – dedilər. Nəticədə, lərzəyə gələn yer onları ağuşuna aldı. Sübh vaxtı evlərində yalnız cansız bədənləri qalmışdı. (Saleh) onlardan üz çevirib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin əmrini çatdırdım və xeyirxahlıq şərtinə əməl etdim. Lakin siz xeyirxahları sevmirsiniz!” Lutun da öz qövmünə: “Sizdən əvvəl heç bir bəşər övladının etmədiyi çox çirkin bir əməli sizmi edəcəksiniz? Siz ehtirasa qapılıb qadınların yerinə kişilərə üz tutursunuz. Siz, doğrudan da, həddi aşmış (yolunu azmış) bir toplumsunuz!”, – dediyi vaxtı xatırla! ——————————————————————————————- Yayı düzdə, qışı dağda keçirən Səmud qövmü: Buradan belə başa düşülür ki, Səmud qövmü yayı düzdə, qışı dağda keçirirmiş. Yaz və yay fəsillərində geniş və bol-bərəkətli düzlərdə əkin əkir, heyvandarlıqla məşğul olurdu. Buna görə də düzlərdə gözəl və dəbdəbəli evləri olmuşdur. Soyuqlar düşdükdən və məhsul yığımı başa çatdıqdan sonra oyulmuş qayaların içində, tufan, sel və gözlənilməz təbiət hadisələrinin təsir edə bilmədiyi əmin-aman yerlərdə məskən salır, asudə həyat sürürdü[26]. “ملأ” sözünün mənası: “ملأ” sözü adətən özləri üçün vahid bir inanc seçmiş, birlikləri və zahiri dəbdəbələri gözlər qamaşdıran bir sinfə deyilir. Bu sözün leksik mənası doldurmaq”dır. Sözügedən ifadə Quranda daha çox zahiri bəzəkli, batini isə çirkin, cəmiyyətin müxtəlif səhnələrini öz varlıqları ilə dolduran təkəbbürlü, lovğa, özlərini bəyənmiş insanlara aid edilir[27]. Cəmiyyətin təkəbbürlü və istismarçı zadəganları: Təkəbbürlü zadəganlar zahiri gücləri və sərvətlərinə güvənərək, hər zaman cəmiyyətə rəhbərlik etməyə çalışırdılar. Onlar hesab edirdilər ki, bu dəfə də küfr və imansızlıqlarını izhar etməklə başqalarına örnək olacaq, camaat da onlara tabe olacaq. Lakin çox çəkmədi, öz səhvlərini başa düşdülər və anladılar ki, insanlar iman işığında yeni şəxsiyyət qazanmış, fikir azadlığından və iradələrinin gücündən faydalanıblar. Maraqlıdır ki, bu və əvvəlki ayədə imansız zadəganlar təkəbbürlü, imanlı zəhmətkeş kütlə isə zəif adlandırılmışdır. Bu da onu göstərir ki, birinci dəstə özlərini üstün hesab etməklə, əllərinin altında olan insanların hüquqlarını pozmaqla və onların güclərini tükətməklə bu mövqeyə çatmışdır. Günümüzün dili ilə onları istismarçı, aşağı təbəqəni isə istismar edilən təbəqə adlandırmaq olar[28]. Lutun (ə) əsl nəsəbi və qissəsi: Farabi həzrət Lut (ə) haqqında belə yazır: “Lut” ərəb sözüdür, sözün kökü “Ləvt”, mənası isə yapışqanlıq deməkdir. O həzrət ona görə Lut adlandırılıb ki, onun sevgisi həzrət İbrahimin (ə) qəlbinə yapışmış, hopmuşdur. O, İbrahimin (ə) qardaşı oğlu Harun ibn Tarexin oğludur. Allah-taala onu Mötəfikat adlanan ərazidəki beş şəhərə göndərmiş, həmin şəhərlərin heç birinin əhalisi ona iman gətirməmiş, öz çirkin əməllərindən əl çəkməmişlər[29]. Quran ayələrindən də belə məlum olur ki, o, həzrət İbrahimə (ə) iman gətirmiş, onunla birlikdə müqəddəs Şamata (indiki Suriyaya) mühacirət etmiş, sonra ilk dəfə eynicinslilərin cinsi münasibəti kimi çirkin günaha batmış xalqa doğru göndərilmişdir. Tarixi mənbələrin yazdığına görə, həmin xalq Sədum adlanan ərazidə yaşamışdır. Buna görə də xalqına qorxu gələrkən ona belə cavab verirlər: “Lutun ailəsini öz ölkənizdən və şəhərinizdən çıxarın…” Çünki onlar həmin yerdən deyildilər. Axırda da Allah Öz lütfü ilə Lutu (ə) və arvadı istisna olmaqla ailəsini xilas etdi. Sonra isə Allahın mələkləri həmin qövmü daş yağışına qərq edib, şəhəri alt-üst etdilər[30]. Qövmünün isə: “Onları öz şəhərinizdən, məmləkətinizdən çıxarın, çünki onlar təmiz və günahsız adamlardır!” – deməkdən başqa bir cavabı olmamışdı. (İş bu yerə çatanda) Biz onu və ailəsini xilas etdik. Yalnız övrəti tərk edilənlərdən oldu. Onların üstünə yağış (daş) yağdırdıq. Bax gör günahkarların axırı necə oldu! Mədyənə (Mədyən əhalisinə) də qardaşları Şüeybi göndərdik. (Şüeyb) onlara belə dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir məbudunuz yoxdur. Artıq sizə Rəbbinizdən aşkar bir dəlil gəldi. Ölçüdə və çəkidə düz olun. İnsanların mallarından heç nə azaltmayın. Yer üzü (peyğəmbərlərin dəvəti və iman nuru sayəsində) düzələndən sonra orada fitnə-fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir! Hər yolun başında əyləşib Allaha iman gətirənləri qorxudaraq Onun yolundan döndərməyin, (ortaya şübhəli fikirlər atmaqla) onu əyri göstərməyin. Xatırlayın ki, bir zaman siz çox az idiniz, amma O, sizi çoxaltdı. Görün fitnə-fəsad törədənlərin axırı necə oldu! Əgər sizin bir qisminiz mənimlə göndərilənə inanmış, bir qisminiz isə inanmamışsa, Allah aramızda Öz hökmünü verənə qədər səbir edin. Çünki O, hökm verənlərin ən yaxşısıdır!” —————————————————————————————- Təmizliyin, ismətin günah olduğu yer: Günaha aludə olmuş bir cəmiyyətin təmiz insanları təmizlikdə ittiham edib özündən uzaqlaşdırması heç də təəccüblü deyil. Günaha aludə olmuş cəmyyət bu insanları öz ehtiraslarına maneə hesab edir. Çirkin əməllər törədən insanların gözündə təmiz insanlara xas olan güclü və qürurverici cəhətlər zəiflik və nöqsan hesab edilir. “Onlar paklıq və təmizlik istəyən insanlardır” cümləsinə əsasən belə bir ehtimal da irəli sürmək olar ki, onlar Lut (ə) və ardıcıllarını riyakarlıqda ittiham etmişlər[31]. Ayədən belə bir nəticə də əldə etmək olar ki, üzərlərinə mühüm təbliğat öhdəliyi götürən, yaxşıya dəvət, pisdən çəkindirmə fəaliyyəti ilə məşğul olanlar insanların Allah dininə qarşı olan etinasızlığından usanmamalı, peşman olmamalıdırlar. Çünki bu reaksiyalar hər zaman olmuşdur. Həzrət Nuh (ə) 950 il təbliğat apardı, ancaq ona çox az adam iman gətirdi. Lut (ə) otuz ildən sonra öz ailəsindən başqa heç kəsi haqq yola yönəldə bilmədi. Hətta arvadı da doğru yola dönənlərdən olmadı. Allah-taala “Səbə” surəsinin 13-cü ayəsində belə buyurmuşdur: “Bəndələrimdən (nemətlərimə) şükür edəni azdır!”[32] Lutun arvadı: Quran ayələrindən belə məlum olur ki, Lutun (ə) arvadı da Nuhun (ə) arvadı kimi kafir və günahkarlardan olmuş, ərinə iman gətirməmiş, əksinə ona qarşı çıxmışdır. “Təhrim” surəsinin 10-cu ayəsində belə buyurulmuşdur: “Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bu iki peyğəmbərlə olan əlaqələri onlara heç bir fayda vermədi. Onlara: “Girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.” Quranda Lutun (ə) zövcəsinin ona hansı xəyanəti və ya xəyanətləri etdiyi haqqında məlumat verilməmişdir. Lakin hədislərdə qeyd edilir ki, qövmü Luta (ə) qonaq qəbul etməyi qadağan etmişdi. Əzab mələkləri Lutun (ə) evinə insan surətində gəldikdən sonra Lutun (ə) arvadı şəhər camaatını bu hadisədən xəbərdar etmiş və əhali də Lutun (ə) evinə hücum çəkmişdi… Əlbəttə, burada çox diqqətli olmaq lazımdır ki, Lutun (ə) övrəti iffətinə xələl gətirəcək hər hansı səhvə də əsla yol verməmişdir. Çünki heç bir peyğəmbərin həyat yoldaşı iffətinə xələl gətirəcək addım atmaz. Çünki Peyğəmbər (s) hədislərinin birində açıq şəkildə belə buyurmuşdur: “Heç bir peyğəmbərin zövcəsi iffətinə xələl gətirəcək addım atmamışdır.”[33] Din insanları islah edir: 84-cü ayədə insanların Allahla olan əlaqəsindən söhbət açılır. Bu ayədə isə insanların bir-biri ilə olan əlaqələrindən bəhs edilir. Yəni islahatlar aparıldıqdan sonra yer üzündə fəsad törətməsinlər. Dinin insan hüquqları ilə bağlı vəzifələrdən biri budur ki, insanlar arasında olan zülm və haqsızlığı aradan qaldırıb onları islah və bu vasitə ilə onların dünya və axirət xoşbəxtliyini təmin etsin. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Yer ölmüşdü, Allah-taala onu peyğəmbəri vasitəsilə diriltdi. Diqqətli olun, düzəldikdən sonra yer üzündə fəsad törətməyin.”[34] İmanın yolunu kəsənlər: Həzrət Şüeyb (ə) dəvətinin üçüncü hissəsində kafir qövmünü Allahın düz yoluna və dinə təcavüz etməkdən çəkinməyə çağırdı. Bu cümlədən belə başa düşülür ki, Şüeybin qövmü müxtəlif vasitələrlə insanları ondan uzaqlaşdırır, onların Şüeybə (ə) iman gətirməsinə, yanına getməsinə, sözlərinə qulaq asmasına, təşkil etdiyi ibadət mərasimlərində iştirak etməsinə mane olur, haqq dinə və tövhid yoluna iman gətirməmələri üçün onları təhdid edirdi. Xülasə, Şüeybin (ə) qövmü bütün gücünü, hiylə-kələyini səfərbər edərək iman yolu üzərində pusqu qurmuş və insanların iman gətirməsinə mane olmuşdur[35]. Qövmünün təkəbbürlü və güc sahibi olan əyanları: “Ey Şüeyb! Bizim dinimizə dönməsəniz, səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən, mütləq, qovacağıq!” – dedilər. Dedi: “Əgər istəməsək belə (bizi dinimizdən döndərməyə çalışırsınız)? Allah bizi sizin dininizdən xilas etdikdən sonra biz sizin dininizə dönsək, Allaha qarşı yalan uydurmuş olarıq. Rəbbimiz olan Allah istəməsə, bizim ona qayıtmağımız əsla doğru deyil. Rəbbimizin elmi hər şeyi əhatə edir. Biz yalnız Allaha təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında ədalətlə hökm et. Çünki Sən hökm edənlərin ən yaxşısısan!” Qövmünün kafir olmuş nüfuzlu əyanları dedilər: “Əgər Şüeybin ardınca getsəniz, siz də ziyana uğramış olacaqsınız!” Elə bu zaman onları silkələnən yer öz ağuşuna aldı və onlar sübh vaxtı öz evlərində cansız cəsədlər şəklində düşüb qalmışdılar. Şüeybi yalançı adlandıranlar (elə məhv oldular ki), sanki orada heç yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular. Sonra onlardan üz döndərib dedi: “Ey qövmüm! Mən sizə Rəbbimin əmrlərini çatdırdım və sizin xeyrinizi istədim. İndi imansız qövmün halına necə təəssüflənim?” Biz hansı şəhər və kəndə peyğəmbər göndərdiksə, oranın əhalisini müsibət və bəlaya düçar etdik ki, bəlkə (özlərinə gəlib, Allahın yoluna dönsünlər və) yalvarıb-yaxarsınlar. Sonra (bu xəbərdarlıqlar onlara təsir etmədikdə) pisliyi (narahatlıq və sıxıntını) yaxşılıqla (bol nemət və rifahla) əvəz etdik. Beləliklə, artıb çoxaldıqları (bütün nemətlərdən bəhrələnib, özlərindən çıxdıqları) və: “Atalarımıza da belə yaman-yaxşı günlər üz vermişdi”, – dedikləri vaxt onları özləri də bilmədən, qəflətən yaxaladıq. ————————————————————————————— Şüeybin (ə) sözlərinin qısa izahı: “Allah bizi sizin dininizdən xilas etdikdən sonra” ifadəsindən heç də belə nəticə almaq olmaz ki, həzrət Şüeyb (ə) əvvəl müşrik olmuş, sonra Allah onu xilas etmişdir. Əslində, Şüeyb (ə) bu sözləri cəmiyyətin əksəriyyətinin mövqeyinin bütün cəmiyyətə aid edilməsi prinsipindən çıxış edərək, daha əvvəl kafir olub sonra iman gətirmiş ardıcıllarının dilindən demişdir[36]. Bu ayədə daha çox diqqət tələb edən nüanslardan biri də ondan ibarətdir ki, həzrət Şüeyb (ə), qövmünün onun və möminlərin tövhid inancından dönməsi ilə bağlı ümidlərini puça çıxardı. Amma belə buyurdu: “Rəbbimiz olan Allah istəməsə…” Bununla onlara başa saldı ki, o və ardıcılları iman və tövhid yolunda qətiyyətli və sabitqədəm olsalar da bu qətiyyəti Allahın lütfü hesab edir, Rəblərinin istək və iradəsinə ehtiyaclı olduqlarını düşünürlər[37]. Bu, çox mühüm məsələdir ki, Şüeyb (ə) kimi bir peyğəmbər malik olduğu yüksək mövqe və məqamına baxmayaraq, özünün haqq yolda büdrəyəcəyindən hər zaman qorxur və hər zaman Allahdan istəyir ki, onu haqq yolda saxlasın. Təvəkkülün mənası: Təvəkkül mənası “vəkil seçmək” olan “vəkalət” sözündən törəmişdir. “Allaha təvəkkül” deyilərkən təkcə həyatın çətinlikləri, xoşagəlməz hadisələr, düşmənçiliklər, müxaliflərin inadkarlıqları, həll edilməsi mümkünsüz olan çıxılmazlıqlar qarşısında Allahı vəkil etmək və Ona güvənmək nəzərdə tutulmamalıdır, insanın gücü çatdığı, imkanı daxilində olan işlərdə də əsas subyektin Allah olduğunu yaddan çıxarmamaq lazımdır. Çünki təkallahlılıq inancında olan bir şəxsin baxışında bütün güc və qüdrətlərin mənbəyi Allahdır[38]. Bəzi ifratçıların düşündüyü kimi, təvəkkül səbəblərə göz yummaq, əli əl üstünə qoymaq, bir küncdə oturmaq deyil, özünü düzəltmək, başqalarından asılı olmamaq, daha dərindən düşünməkdir. Səbəblər aləmindən, təbiətdən, həyatdan istifadə eynilə Allaha təvəkküldür. Çünki bu səbəblərin hər biri Allahın istəyi və iradəsi ilə təsir göstərir[39]. İslam peyğəmbəri (s) buyurmuşdur: Allahın vəhy elçisi Cəbraildən “təvəkkül nədir?” – deyə soruşduqda, dedi: “Məxluqatın ziyan vurmaq, xeyir vermək, bağışlamaq və mane olmaq iqtidarında olmamasına inanmaq, məxluqatdan ümidi üzmək. Allahın bəndəsi belə olduqda yalnız Allah üçün çalışar, Ondan başqasına ümidlənəz. Əsl təvəkkül budur.”[40] Ən yaxşı hakim Allahdır: Ayənin orijinalındakı “fəth” sözünün mənası açmaq, “fateh”in mənası isə açandır[41]. Bu ayədə isə hakim mənasında işlənmişdir. Çünki hakim öz mühakiməsi ilə başqalarına məlum olmayan məlumata yol açır. İbn Abbas: “Mənimlə bir qadın arasında bir ixtilaf yaranana qədər bu ayədəki fateh sözünün hansı mənada işləndiyini başa düşməmişdim. O, mənə dedi: “انطلق افتحک بالقاضی” Yəni, gəl mühakimə etməsi üçün səni qazinin yanına aparım[42]. Məlumdur ki, heç bir qapı Allahın üzünə bağlı deyil və buna görə də O, ən yaxşı hakimdir. Bu səbəbdən həzrət Şüeyb (ə) Allahdan istəyir ki, onunla qövmü arasında mühakimə etsin. Çünki O, ən yaxşı hökm edəndir. Əgər şəhər və kəndlərin əhalisi iman gətirib təqvalı olsaydı (günahlardan çəkinsəydi), sözsüz ki, göyün və yerin bərəkət qapılarını onların üzünə açardıq. Lakin onlar (haqqı) yalan hesab etdilər, Biz də onlara etdikləri əməllərin cəzasını verdik. Bu məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idimi? Və ya bu məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idimi? Yaxud Allahın tədbir tökməycəyinə əmin idilərmi? Özlərini ziyana salanlardan başqa heç kəs Allahın tədbir tökməyəcəyinə əmin ola bilməz! Yer üzünün sahiblərindən sonra ona varis olanlara ibrət olmadımı ki, əgər Biz istəsək, onları da günahlarına görə həlak edər, (haqq səsi eşitməmələri üçün) ürəklərini möhürləyərik? Bunlar, bəzi xəbərlərini sənə çatdırdığımız şəhər və kəndlərdir. Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirmişdilər. (Amma o məmləkətlərin əhalisi o qədər inadkar idi ki,) əvvəlcə yalan hesab etdiklərinə yenə də inanmadılar. Allah kafirlərin ürəklərini belə möhürləyir. (İnadkarlıq göstərdikləri və günah etməkdə israrlı olduqları üçün müəyyən edə bilmə hissindən məhrum edir.) Onların əksəriyyətində əhdə vəfa görmədik. (Əksinə,) onların əksəriyyətinin günahkar olduğunu gördük. Onlardan (əvvəlki peyğəmbərlərdən) sonra Musanı ayələrimizlə Firon və onun ətrafında olan insanlara göndərdik. Onlar ona (həmin ayələrə qarşı) haqsızlıq etdilər. Bax gör fəsad törədənlərin aqibəti necə oldu! Musa dedi: “Ey Firon! Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! ——————————————————————————————- İman və təqva ilahi bərəkətlərin açarı: Günahkarlar və itaətdən boyun qaçıranların başına gətirilən müsibətlərdən bəhs edən əvvəlki ayələrdə bəzən göydən leysanların yağmasına, yerdən bulaqların qaynamasına (Nuhun (ə) tufanında olduğu kimi), bəzən ildırımlara, göy gurultularına, bəzən də qorxulu zəlzələlərə işarə edilmişdir. Bu ayədə bildirlir ki, bütün bunlar insanın öz əməllərinin nəticəsidir. Əgər insan təmiz və imanlı olsa, göydən və yerdən əzab deyl, Allahın bərəkəti nazil olacaq. İnsan bərəkətləri bəlalara dəyişir[43]. Hədislərinin birində İmam Sadiq (ə) buyurmuşdur: “Heç bir ilin yağışı o biri ilin yağışından az olmur. Ancaq Allah onu istədiyi yerə yağdırır. Bir xalq günaha bulaşdıqda Allah-taala onlar üçün təyin etdiyi yağışı həmin il onlardan əsirgəyib səhralara, dənizlərə və dağlara yağdırır.”[44] Soruşula bilər ki, əgər iman və təqva ilahi bərəkətlərin enməsinə, imansızlıq və təqvasızlıq isə bərəkətlərin kəsilməsinə səbəb olursa, bəs nə üçün bəzi millətlərin naz-nemət içində batdığını, imanlı toplumun isə çətinliklərlə üzləşdiyini görürük? Bu suala cavab vermək üçün iki nüansa diqqət yetirməyimiz lazımdır: 1. İmansız ümmətlərin naz-nemət içində üzməsi təsəvvürü başqa bir yanlışdan, yəni var-dövlətin xoşbəxtlik səbəbi hesab edilməsi yanlışından qaynaqlanan böyük bir yanlışdır. Adətən insanlar elə düşünürlər ki, hansı ölkənin sənayesi daha çox inkişaf edibsə və sərvəti çoxdursa, həmin ölkənin əhalisi daha xoşbəxtdir. Halbuki həmin cəmiyyətlərin daxilinə diqqətlə fikir versək, onların cisimlərini və ruhlarını didib parçalayan dərdlərini yaxından görsək, onların çoxunun yer üzünün ən çarəsiz insanları olduğunu görərik. Bundan əlavə, sözügedən nisbi inkişaf onların peyğəmbərlərin (ə) təlimlərində yer almış səy, təlaş, nizam-intizam və məsuliyyət hissinin nəticəsidir. 2. “Nə üçün imanlı və təqvalı cəmiyyətlər geridə qalıblar?” sualına gəlincə, əgər iman və təqva deyilərkən təkcə İslam iddiası, Peyğəmbərin (s) təlimlərinə quru bağlılıq iddiası nəzərdə tutulursa, belə fərdlərin geridə qaldığını qəbul edirik. Ancaq həqiqi iman və təqva deyilərkən onun həyatın bütün sahələrinə və bütün davranışlara nüfuz etməsi nəzərdə tutulmalıdır. Bu isə, təkcə iddia ilə olmur. Bəli, İslam başqa, müsəlman isə tamam başqa bir şeydir[45]. Qorxu və ümid müsbət davranışların mənbəyidir: İlahi tədbirdən əmin olmamaq deyilərkən məsuliyyətlərin yerinə yetirilmə formasında və vəzifələrin icrasında səhlənkarlıq qorxusu nəzərdə tutulur. Bu qorxu hissi isə möminin qəlbində hər zaman ilahi rəhmətə ümid hissi ilə müşayiət olunmalıdır. Bu iki hissin bərabərliyi bütün müsbət davranışların və fəaliyyətlərin mənbəyidir. Hədislərdə bu, ümid və qorxu kimi qeyd edilir. Qeyd olunan hisslər imanlı insanlarda vəhdət təşkil edir. Lakin ziyana uğramış günahkarlar Allahın bu cəzasını yaddan çıxarır və özlərini son dərəcə əmin-amanlıqda hiss edirlər[46]. İmam Baqir (ə) buyurmuşdur: “Elə bir mömin bəndə yoxdur ki, onun qəlbində iki nur, yəni qorxu və ümid nuru olmasın. Bunların heç biri digərindən çox deyil, hər ikisi tamamilə bərabərdir.”[47] Hətta peyğəmbər və imamlar (ə) da özlərini Allahın tədbirindən amanda hesab etməmişlər. İmam Əli (ə) buyurmuşdur: “Bu ümmətin ən yaxşısı Allahın cəzasından arxayın olmayanıdır. Çünki Allah-taala buyurmuşdur: Allahın tədbirindən yalnız ziyana uğramışlar arxayın olar.”[48] Allah barəsində yalnız haqqı deməyə borcluyuq. Mən sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gətirmişəm. İndi İsrail oğullarını mənimlə bərabər göndər!” (Firon) dedi: “Əgər bir əlamət gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!” (Musa) əsasını atdı və o, dərhal açıq-aşkar bir əjdaha oldu. Əlini (yaxasından) çıxartdı və o, baxanlar üçün bəmbəyaz oldu. Fironun yan-yörəsindəkilər dedilər: “Şübhəsiz ki, bu çox məharətli və bilikli bir sehrbazdır. O, sizi yurdunuzdan çıxartmaq istəyir!” (Nə düşünürsünüz?) “Onunla bağlı əmriniz nədir?” (Sonra Firona) dedilər: “Onu və qardaşını saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər. Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!” Sehrbazlar Fironun yanına gəlib dedilər: “Əgər biz qalib gəlsək, yüksək dərəcədə mükafatlandırılacağıqmı?” Dedi: “Bəli, siz ən yaxın adamlardan olacaqsınız!” (Qarşılaşma günü yetişdi, sehrbazlar) dedilər: “Ya Musa! Ya sən (sehr alətlərini) at, ya da biz ataq!” “Siz atın” – dedi. Onlar (sehr alətlərini) atdıqda, adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər. Musaya: “Əsanı tulla!” – deyə vəhy etdik. Qəfildən (əsa böyük bir ilana çevrildi və) onların uydurma alətlərini sürətlə uddu. (Bu zaman) haqq aşkar oldu, onların uydurub düzəltdikləri isə batil oldu. (Sehrbazlar) orada məğlub və xar olub kiçildilər. Və sehrbazlar (qeyri-ixtiyari) səcdəyə qapandılar. ———————————————————————————— Musanın (ə) haqlı olmasının sübutu: Həzrət Musa (ə) demək istəyir ki, mən illər öncə canımın qorxusundan qaçdım. Sizlər məni öldürmək istəyirdiniz. İndi isə heç bir silah-sursat götürmədən, təkcə qardaşım Harunla Firon və onun qüdrətli hakimiyyətinə, eləcə də sizin qarşınıza çıxmışam. Sizin hamınızı Allah yoluna dəvət edirəm. Bu, mənim haqlı olduğumun ən böyük sübutudur. Əgər Allahın fərmanı olmasaydı, sizin qarşınıza çıxmağa cürətim olmazdı. Buna görə də Allah barəsində yalnız haqqı deməli, yalnız doğrunu söyləməliyəm[49]. Bəmbəyaz əl: Hədislərdə qeyd edlir ki, bu möcüzə baş verərkən həzrət Musanın (ə) əli günəş kimi parlayırdı[50]. Hətta deyilənə görə onun işığı günəş işığından da parlaq olmuşdur. Günəşə baxmaq mümkün olmadığı kimi, işığın parıltısının çoxluğundan ona da baxmaq olmurmuş[51]. Sehr: “Sehr” hiylə, kələk, fokus, cəld əl hərəkətinə deylir. Bəzən amili və təhrikedicisi, görünməz və sirli qalan bir hadisəyə də deyilir. Buna görə də sürətli əl hərəkəti və əşyaların yerini dəyişmək bacarığı ilə təqdim edilən mövzunu qeyri-adi formada təqdim edən, həmçinin müxtəlif maddə və əşyaların kimyəvi və fiziki xassələrindən istifadə edərək insanlara qeyri-adi hərəkətlər sərgiləyən insanların hamısı sehrbaz hesab edilir. Bunlardan başqa, sehrbazlar sehrlərini daha da mükəmməl şəkildə təqdim etmək üçün adətən tamaşaçını öz təsiri altına alan təlqinlərdən, mübaliğəli cümlələrdən, bəzən isə qorxulu və vahiməli səslərdən istifadə edirlər. Firon dövrünün sehrbazlarının əhvalatlarından bəhs edən bu və digər ayələrdən sehrbazların alətlərdən istifadə etdikləri məlum olur. “Camaatın gözlərini sehrlədilər”, “camaatı qorxuya saldılar” və digər surələrdə olan eyni məzmunlu cümlələr yuxarıda qeyd etdiyimiz həqiqəti təsdiq edir[52]. Fironun sehrbazlarının sehrinin böyüklüyü: Allah-taala “böyük bir sehr göstərdilər” cümləsi ilə üstüörtülü şəkildə sehrbazların yaratdıqları səhnənin çox böyük və qorxulu olduğuna işarə edir. Yoxsa ki, burada “əzəmətli” sözündən istifadə etməzdi. Bu və bənzər ayələrdən bəhs edən hədislər, tarixi məlumatlar və təfsirlərdən bu səhnənin miqyasının çox böyük olduğu məlum olur. Bəzi təfsirçilərin qeyd etdiyinə görə, oraya toplaşmış sehrbazların sayı on minlərlə nəfər, habelə istifadə etdikləri alətlərin sayı da on minlərdən çox idi. Həmin dövrdə Misirdə təcrübəli və peşəkar sehrbazların sayının çox olduğunu nəzərə alsaq, bu söz heç də təəccüb doğurmur. Hətta iş o yerə çatmışdı ki, Musa (ə) da qorxuya düşmüşdü. Quranın “Taha” surəsinin 67-ci ayəsində bu qorxu haqqında belə buyurulmuşdur: “Musanın canına qorxu düşdü”[53]. İmam Əli (ə) Nəhcül-bəlağədə buyurur ki, onun qorxusu başqa bir şeyə görə idi: “Musanın qorxusu öz canına görə deyildi. O, cahil və azğınların insanları təsir altına alacaqlarından qorxurdu.”[54] Dedilər: “Biz aləmlərin Rəbbinə iman gətirdik – Musanın və Harunun Rəbbinə!” Firon dedi: “Mən sizə icazə verməzdən əvvəl ona iman gətirdiniz? Bu, yəqin ki, əhalisini çıxartmaq məqsədilə bu şəhərdə (bu məmləkətdə) qurduğunuz bir hiylədir. Ancaq tezliklə biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsəcək (sağ əli sol ayaqla, sol əli sağ ayaqla), sonra isə hamınızı dar ağacından asacağam!” (Sehrbazlar) dedilər: “(Önəmli deyil,) biz Rəbbimizin hüzuruna dönəcəyik! Sənin bizdən intiqam almağın isə ancaq Rəbbimizin ayələri gələn kimi bizim onlara iman gətirməyimizə görədir. Ey Rəbbimiz! Bizə səbr və dözüm əta et, bizi müsəlman olaraq öldür!” Firon qövmünün əyan-əşrafı dedi: “Musanı və qövmünü azad buraxırsan ki, fitnə-fəsad törətsinlər, səni və tanrılarını tərk edib getsinlər?” Dedi: “Tezliklə oğullarını öldürəcək, qızlarını isə (xidmətçilik etmək üçün) diri saxlayacağıq. Biz onların üzərində tam hökmranıq. (Onlar bizim tam hökmranlığımız altındadırlar.)” Musa öz qövmünə dedi: “Allahdan yardım diləyin və dözümlü olun. Yer üzü Allahındır. Bəndələrindən istədiyini onun varisi edər. (Xoşbəxt) aqibət təqvalılar üçündür!” Dedilər: “Sən bizə gəlməzdən əvvəl də, sonra da biz əziyyət çəkdik! (Bu işkəncələrə nə vaxt son qoyulacaq?)” Dedi: “Ümid var ki, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri etsin, sonra isə necə davranacağınıza baxsın!” Biz Fironun qövmünü qıtlığa, quraqlığa və məhsul çatışmazlığına məruz qoyduq ki, bəlkə ayılsınlar, nəticə çıxarsınlar! —————————————————————————————— Müstəmləkəçiliyin ən pis forması: Bəlkə də Firon “mən sizə icazə verməzdən əvvəl ona iman gətirdiniz?” cümləsi ilə həm Musanı (ə) təhqir etmək, həm də “mən özüm də həqiqət tərəfdarı və həqiqət axtaran adamam, əgər Musanın (ə) göstərdiyi bu hərəkət həqiqət olsaydı, mən özüm camaata iman gətirməsi üçün icazə verərdim. Amma sizin bu tələsik davranışınız göstərir ki, onun bu göstərisi nəinki düz deyil, eyni zamanda Misir camaatına qarşı yönəlmiş bir hiylə və kələkdir” demək istəyib. Bu, həm də onu göstərir ki, iqtidar və hakimiyyət hərisliyi Fironun varlığını elə sarmışdı ki, Misir camaatının onun icazəsi olmadan addım ata, söz danışa bilməyəcəyi iddiasında idi. Hətta daha pisi, onun icazəsi olmadan düşünmək və iman gətirmək haqqına sahib olmadıqlarını düşünürdü. Bu, müstəmləkəçiliyin ən pis formasıdır, millət elə bir vəziyyətə salınıb, quldarlıq və əsarət elə həddə çatıb ki, heç kəsin düşünməyə, kiməsə və hansısa məktəbə hətta qəlbində belə inam bəsləməyə haqqı çatmır. Bu, müasir müstəmləkə formasında da həyata keçirilən proqramdır. Yəni neomüstəmləkəçilər təkcə iqtisadi, siyasi və ictimai müstəmləkəçiliklə kifayətlənmir, daha da irəli gedərək, öz fəaliyyətlərini ideoloji müstəmləkəçiliklə gücləndirməyə çalışırlar[55]. Fironun sehrbazlarının mənəvi dözümlülüyü: Doğrusu, sehrbazların ruhunda və canında yaranmış heyrətamiz dözümlülük haqqında düşünməyə dəyər. Musanın (ə) ən qatı düşmənlərindən olan, onun dinini və missiyasını məhv etmək qəsdinə durmuş fərdlər necə oldu ki, canını qurban verməyə hazır olan qətiyyətli möminlərə çevrildilər? Tarixi mənbələr və hədislərdə qeyd edilir ki, onlar bu yolda elə dirəniş və dözümlülük göstərirlər ki, Firon öz təhdidlərini əməli şəkildə həyata keçirmək məcburiyyətində qalır, onları şaqqalatdırıb tikə-tikə olmuş bədənlərini Nilin sahilindəki uca xurma ağaclarından asır. Nəticədə, onların qürurverici adları dünyanın azad insanlarının adları ilə qoşa çəkilməyə layiq görülür. Böyük təfsirçi Təbərsinin dili ilə desək, “onlar səhər sehrbaz kafirlər idilər, axşam Allah yolunun xoşbəxt şəhidləri oldular!”[56] Bütpərəstin bütü: Bu ayədən belə məlum olur ki, Fironun tanrıları var idi və onlara ibadət edirdi. Əlbəttə, başqa ayələrdə onun özünü də tanrı hesab etməsi faktına rast gəlirik. Belə ki, “Naziat” surəsinin 24-cü ayəsində onun belə dediyinin şahidi oluruq: “Dedi: Mən sizin uca rəbbinizəm.” Bu ənənə digər xalqlarda da mövcud olmuşdur. Tarixi mənbələrin yazdığına görə, Roma və başqa ölkələrdə insanlar öz qəbilə və tayfa başçılarına, onlar isə öz atalarına və ya bütlərinə ibadət etmişlər[57]. Firon və İsrail oğullarının müqavimət göstərən kişilərinin ortadan qaldırılması siyasəti: Firon burada çox köklü və əsaslı bir mübarizəyə başlayır, İsrail oğullarının bütün qüdrətinə son qoymaq qərarına gəlir. O, İsrail oğullarının mübariz və döyüşkən kişilərinin nəslini kəsmək üçün oğullarını qətlə yetirməyi, qız və qadınlarını isə kənizlik və xidmətçilik etmələri üçün diri saxlamağı qarşısına məqsəd qoyur. Bu metod həm qədim müstəmləkəçilik, həm də neomüstəmləkəçilik üçün səciyyəvidir. Millətin sayılıb seçilən, başbilən, ağıllı nümayəndələrini öz siyasətləri ilə boğmaq, aradan götürmək, müxtəlif vasitələrdən istifadə edərək, onlardakı kişilik və mərdlik ruhunu öldürmək, özlərini aradan götürmək, aktiv olmayan fərdlərə isə toxunmamaq müstəmləkəçiliyin spesifik xüsusiyyətlərindəndir[58]. (İbrət götürmədilər, əksinə) onlara bolluq qismət olduğu zaman: “Bu bizim özümüzə görədir!” – deyir, bir pislik üz verdikdə isə: “Bu, Musa və yanındakıların nəhsliyi ucbatındadır”, – deyirdilər. Agah olun ki, bütün bunların mənbəyi Allahın yanındadır, lakin onların çoxu bilməz! Dedilər: “Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!” Biz onlara ayrı-ayrı möcüzələr olan tufan, çəyirtkə və həşərat, qurbağa və (su mənbələrinə) qan göndərdik. Onlar yenə də (ayılmadılar) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular. Onlara əzab gəldikdə dedilər: “Ya Musa! Bizim üçün Allahından səninlə olan əhdinə vəfa etməsini istə. Əgər bu əzabı bizdən götürsə, biz, hökmən, sənə iman gətirəcək və İsrail oğullarını səninlə birlikdə göndərəcəyik”. Elə ki əzabı bir müddətə onlardan götürürdük, öz əhdlərini pozurdular. Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları üçün nəhayət, onlardan intiqam aldıq, dənizdə batırdıq. Zəiflədilmiş o tayfanı yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq tərəflərinə varis etdik. Səbr etdiklərinə və dözümlülük göstərdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl vəd yerinə yetdi. Fironun və onun camaatının tikib qurduqlarını və hasarlanmış bağlarını isə viran qoyduq. —————————————————————————————— İslama görə əlamət və əlamətlərə inam: Əsası “tətəyyur” olan “yəttəyyəru” sözünün mənası “nəhs gətirmək” deməkdir. Sözün kökü isə “tayr”, mənası “quş” deməkdir. Ərəblər nəhs gəlməsinə adətən quşlar vasitəsilə etiqad bəslədikləri, bəzən qarğanın qarıldamasını nəhs, quşun sol tərəfdən uçmasını uğursuzluq əlaməti hesab etdikləri üçün “tətəyyur” sözünü mütləq şəkildə nəhs gəlmək mənasında işlədirlər. Quran bütün baş verənlərin Musa (ə) və tərəfdarlarının nəhsliyi ucbatından baş verdiyini iddia edən Firon və ətrafındakılarına belə cavab verir: Bilin ki, başlarına gələn bütün bəlaların mənbəyi Allahdır, Allah istəmişdir ki, onlar əməllərinin cəzasını çəksinlər. Lakin onların çoxu bilmir. Ümumiyyətlə, müxtəlif insanlar və ayrı-ayrı xalqlar arasında yaxşı və nəhs əlamətlər inancı geniş yayılmışdır. Ayrı-ayrı toplumlarda bəzi hadisələr yaxşı əlamət, qələbə və işlərin alınma səbəbi, bəzi hadisələr isə nəhs əlamət, uğursuzluq və məğlubiyyət səbəbi hesab edilir. Halbuki uğur və uğursuluğun bu hadisələrlə heç bir məntiqi əlaqəsi yoxdur. Xüsusilə, əlamətlərə inam əsasən xurafat və qeyri-məntiqi yönlərə malikdir. Bu ikisinin təbii təsirləri olmasa da, psixoloji təsirləri danılmazdır. Yaxşı əlamət adətən ümidə və fəaliyyətə, nəhs əlamət isə məyusluğa, ümidsizliyə, acizliyə və zəifliyə səbəb olur. Bəlkə də elə buna görədir ki, hədis və rəvayətlərdə yaxşı əlamətlər məsələsi inkar edilməmiş, nəhs əlamətlərə inam isə kəskin şəkildə qadağan edilmişdir. Peyğəmbər (s) məşhur hədislərinin birində buyurmuşdur: “İşlərinizə yaxşı əlamət gətirin ki, ona nail olasınız.” Quran və hədislərdə nəhs gətirilməsi, nəhs əlamətə uyğun davranmaq kəskin şəkildə pislənmişdir. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Nəhs gətirmək, hər hansı hadisəni pis əlamət hesab etmək bir növ Allaha şərik qoşmaqdır.” Hədislərin birində nəhs əlamətin psixoloji təsirə malik olduğunu oxuyuruq: “Nəhs əlamətə inanmağın təsiri onu qəbul etdiyin qədərdir. Əgər onu yüngül bir şey hesab etsən, təsiri az olacaq, əgər onu ciddiyə alsan, təsiri güclü olacaq. Əgər ona etina etməsən, heç bir təsiri olmayacaq.”[59] Fironun qövmünün başına gələn əzablar: Təfsirçilərin yazdığına görə, qurbağalar o qədər çoxalır ki, hətta yeməklərinin içindən, paltarlarının altından, yataqlarından çıxır. Qan gəlməsi ilə bağlı qeyd edirlər ki, Nil çayı, çaylar və kəhrizlərin suyu, ümumiyyətlə, bütün sular Firon qövmü üçün qana çevrilir. Lakin Musanın (ə) tərəfdarları üçün bu, belə deyildi. Yəni Fironun tərəfdarları qan içdiyi halda, həmin qan Musanın (ə) tərəfdarları üçün zülal suya çevrilirdi[60]. Allahın Musa (ə) ilə əhdi: Onlar Allahın Musa (ə) ilə bağladığı əhd deyərkən, Musa (ə) dua edəcəyi təqdirdə onun bütün dualarını qəbul edəcəyi ilə verdiyi əhdi nəzərdə tuturdular[61]. Məkkə və Suriya, iki bərəkətli ərazi: Ayədə bərəkətli yer deyilərkən Suriya və Fələstin torpaqları nəzərdə tutulmuşdur. Çünki Allah yalnız iki yerin daha bərəkətli olduğunu bildirmişdir. Onlardan biri Kəbə, digəri isə müqəddəs torpaqlar hesab edilən Fələstin ərazisidir[62]. Biz İsrail oğullarını dənizdən keçirtdik. Yolları üzərində təvazökarlqla öz bütlərinin ətrafına toplaşmış bir tayfaya rast gəldilər. (Bu vaxt İsrail oğulları) dedilər: “Ya Musa! Bizə də onların tanrıları kimi bir tanrı düzəlt!” Dedi: “Siz cahil və nadan bir cəmiyyətsiniz! Bunlar (bütpərəstlər) məhvə məhkumdurlar, etdikləri əməllər isə batildir (puçdur)!” (Musa yenə) dedi: “Allah sizi aləmlərə (dövrünüzdəki bütün insanlara) üstün etdiyi halda, heç mən sizin üçün Allahdan başqa bir tanrı istərəmmi?!” Sizi Fironun tərəfdarlarının əlindən xilas etdiyimiz zamanı xatırlayın. Onlar sizə davamlı olaraq ağır işkəncələr verir, oğullarınızı öldürür, qadınlarınızı isə (özlərinə xidmət etmək üçün) diri saxlayırdılar. Bunda sizin üçün Rəbbiniz tərəfindən böyük bir sınaq var idi. Biz Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona on gecə də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim canişinim ol, (onları) islah etməyə çalış və (yer üzündə) fitnə-fəsad törədənlərin yolu ilə getmə!” Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa:) “Ey Rəbbim! Özünü (camalını) mənə göstər, Sənə baxım!” – dedi. Allah: “Sən Məni əsla görə bilməzsən. Lakin dağa bax. Əgər o, yerində dura bilsə, sən də Məni görə bilərsən”, – deyə buyurdu. Rəbbi dağa təcəlli etdikdə (Allahın nuru dağa saçıldıqda) onu yerlə bir etdi. Musa da özündən gedib yerə düşdü. Ayılandan sonra isə: “Sən paksan, müqəddəssən! (Sən gözə görünməzsən!) Sənə doğru qayıtdım. Mən iman gətirənlərin birincisiyəm!” – dedi. —————————————————————————————– Materialist və bütbərəst İsrail oğulları: Həzrət Musadan (ə) əvvəl İsrail oğulları babaları həzrət İbrahimin (ə) dinində idilər. İbrahimdən (ə) Musaya (ə) qədər olan dövr ərzində İshaq, Yaqub və Yusif (Allahın salamı olsun onlara) peyğəmbərlik etmişlər. Onlar İsrail oğullarını təkallahlıq dininə inanmağa, şirkdən uzaq durmağa çağırmış, Allahın maddə və cism olmadığını, forma və ölçüyə gəlmədiyini başa salmışlar. Lakin Quranda İsrail oğulları ilə bağlı olan əhvalatlardan belə məlum olur ki, onlar yalnız maddə və hiss olunanı qəbul etmiş, maddədən kənar, onun fövqündə olanı qəbul etməmişlər. Allah haqqında söylədikləri isə tam səmimi olmamış, formal xarakter daşımış, söylədiklərinə həqiqətən də etiqad bəsləməmişlər. Milli təəssübkeşlikləri İsrail oğullarını babalarının dinini formal və zahirən də olsa, qoruyub saxlamağa vadar etsə də, uzun illər bütpərəst fironlar və qibtilərin əsarəti altında olduqları üçün bütpərəstlik ruhlarına və canlarına hopmuşdu. Buna görə də onların çoxu Allahın cismani və maddi bir varlıq olduğunu təsəvvür edirdi. Musa (ə) onlara Allah haqqında məlumat çatdırmaq istədikdə, onlar xəyallarında cismani bir varlıq canlandırırdılar. Buna görə də gedərkən yolları üzərində bütə sitayiş edən bir tayfa ilə rastlaşdıqda xoşlarına gəldi və onlar kimi bir bütə sahib olmaq istədilər. Musadan (ə) onlara dua və ibadət etmələri üçün bir büt düzəltməsini istədilər. Mənbələrin yazdığına görə, yəhudilərdən biri İslama və müsəlmanlara tənə vurmaq üçün İmam Əliyə (ə): “Siz Peyğəmbərin (s) vəfatından heç otuz il keçməmiş bir-birinizə qılınc çəkdiniz” – dedikdə, İmam Əli (ə) buyurdu: “Amma siz yəhudilər ayağınızdakı dəniz suyu qurumamış peyğəmbərinizə: “Bizə də onların tanrıları kimi bir tanrı düzəlt” dediniz.”[63] Musa (ə) ilə qərarlaşdırılmış müddət barəsində bir suala cavab: Sual oluna bilər ki, nə üçün təyin edilmiş 40 gün müddəti bir dəfəyə deyil, mərhələli şəkildə təyin edilib, yəni əvvəl 30 gecə təyin edilib, sonra on gecə də ona əlavə edilib? Əslində, təyin edilmiş müddət qırx gecə olmuşdur, lakin Allah-taala İsrail oğullarını sınamaq üçün Musanı (ə) öncə otuz gecəlik bir görüşə dəvət edir, sonra münafiqlərin möminlərdən seçilməsi üçün həmin müddəti uzadır. İmam Baqir (ə) buyurmuşdur: “Musa Allahın vəd verdiyi yerə gedərkən öz qövmünə bildirir ki, onun bu gedişi otuz gündən çox çəkməyəcək. Ancaq Allah-taala həmin müddətə on gün də əlavə etdiyində İsrail oğulları: “Musa öz verdiyi sözdən çıxdı”, – deyib buzova pərəstiş etməyə başladı.” Hədislərdə bu qırx günün zilqədə ayının birinci günü başlayıb zilhiccə ayının onu (Qurban bayramı günü) başa çatdığı qeyd edilmişdir. Ayədə qırx gün deyil, “qırx gecə” ifadəsi işlədilmişdir. Bu da ona görədir ki, Musanın (ə) Allahla olan münacatları, danışıqları daha çox gecə vaxtları olurdu[64]. Harun (ə) Musa (ə) üçün necə idisə, Əli (ə) də Peyğəmbər (s) üçün elə idi: Sünni və şiə təfsirçilərinin çoxu bu ayəni təfsir edərkən “Mənzilət” (mövqe, məqam, dərəcə) hədisinə işarə etmiş və Peyğəmbər (s) səhabələrinin çoxunun Təbuk döyüşü ilə bağlı belə dediklərini qeyd etmişlər: “Peyğəmbər (s) Təbuka doğru yollanarkən Əlini (ə) öz yerinə təyin etdi. Əli (ə) dedi: “Məni uşaqların və qadınların arasında qoyursan (və icazə vermirsən ki, səninlə cihad meydanına gedim)?” Peyğmbər (s) buyurdu: “Sənin mənə olan mövqeyinin Harunun Musaya (ə) olan mövqeyi kimi olmasını istəmirsənmi? Bir fərqlə ki, məndən sonra peyğəmbər olmayacaq.”[65] Nə üçün Musa (ə) Allahdan Onu görməsini istədi? Ən aydın cavab budur ki, Musa (ə) bunu öz qövmünün dilindən istəmişdir. Çünki İsrail oğullarının bir qrup nadanı israr edirdi ki, iman gətirmək üçün Allahı, mütləq, görməlidirlər (Nisa surəsi-153). Ona da qənaətbəxş cavab almaları üçün bu istəyi Allaha ünvanlaması əmr edildi. Məsumlardan (ə) bizə çatmış bəzi hədislərdə də bu məsələ öz təsdiqini tapır[66]. (Allah) buyurdu: “Ya Musa! Mən Öz əmrlərim və (səninlə) danışmağımla səni seçib insanlardan üstün tutdum. İndi sən verdiyimi al və şükür edənlərdən ol!” Biz onun üçün lövhələrdə hər bir mövzu ilə bağlı nəsihət yazdıq, hər şey haqqında açıqlama verdik. “Bundan möhkəm yapış və ümmətinə də de ki, onun ən yaxşılarına əməl etsinlər. (Axirətdə) tezliklə fasiqlərin yurdunu sizə göstərəcəyəm! Yer üzündə haqsız yerə təkəbbürlük edənləri tezliklə ayələrimdən (ona inanmaqdan) yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. Ayələrimizi və axirət görüşünü doğru hesab etməyənlərin əməlləri puça çıxacaq. Onlar yalnız öz əməllərinin qarşılığını alacaqlar.” Musanın qövmü ondan sonra öz bəzək-düzək şeylərindən buzov səsi çıxaran cansız bir buzov heykəli düzəltdilər. Məgər onlarla danışmadığını, onlara (haqq) yol göstərmədiyini görmürdülərmi? Onu (özlərinə tanrı) seçib zülm eləyən oldular. Həqiqəti bildikdə və haqq yoldan azdıqlarını gördükdə, dedilər: “Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, mütləq, ziyana uğrayanlardan olacağıq!” ———————————————————————————- Allahın Musa (ə) ilə danışma forması: Müxtəlif ayələrdə Allahın Musa (ə) ilə danışmasından bəhs edilir. Bu danışıq fəzada və ya cismlərdə səs dalğaları yaratmaqla baş verirdi. Səs dalğaları Əymən vadisindəki ağacdan süzülərək, bəzən Tur dağında Musanın qulağına çatırdı. Bu danışıq elə şəkildə idi ki, Musa (ə) onun Allah tərəfindən olduğuna və ona ünvanlandığına əmin idi. Bu bilgi Musaya (ə) ya vəhy və ilham vasitəsilə, ya da digər vasitələrlə hasil olmuşdu[67]. Tövratın lövhələri: Ayədən belə başa düşülür ki, Allah-taala Musaya (ə) Tövratın qanunlarını əks etdirən lövhələr göndərmişdir. Lakin Quranda bu lövhələrin necəliyi, növü, hansı maddədən olması ilə bağlı məlumat verilməmişdir. “Əlvah” sözü mənası “səhifə” olan “lövhə” sözünün cəmidir. Təfsirlərdə Musaya (ə) göndərilən lövhələrin növü və keyfiyyəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülmüşdür. Ancaq heç biri qəti və etimad göstəriləcək həddə deyil[68]. Əməllərin ən yaxşısını seçmək: Əvvəlki ayədə “bu göstərişlərin ən yaxşısını götür” deyilərkən bu, qeyd olunan göstərişlər arasında pis, yaxşı və daha yaxşı hökmlərin olması, yaxşıların götürülüb, pislərin tərk edilməsi, yaxşı və daha yaxşılar arasında daha yaxşının seçilməsi kimi başa düşülməməlidir. Çünki bəzən elə olur ki, üstünlük dərəcəsi bildirən sifət (ən yaxşı) adi dərəcədə işlənən sifət (yaxşı) mənasında işlədilir. Bu ayədə də eyni qayda tətbiq edilmişdir. Yəni “ən yaxşı” ifadəsi “yaxşı” mənasında işlədilmişdir. Bununla da bütün bu göstərişlərin yaxşı olduğuna işarə edilmişdir. Ayə ilə bağlı irəli sürülən bir ehtimalda “ən yaxşı” deyilərkən, elə öz mənasının nəzərdə tutulduğu qeyd edilmişdir. Belə ki, bu göstərişlər arasında bəzisi (qisas kimi) halal və icazə verilmiş əməllər sayıldığı halda, bəzisi (əfv və bağışlamaq kimi) daha yaxşı əməllər hesab edilmişdir. Yəni burada Allah Musaya (ə) “ardıcıllarına bacardıqları qədər daha yaxşı seçmələrini de”, – deyə bir göstəriş verir. Yəni əfv və bağışlamağı qisasdan üstün tutsunlar[69]. Samirinin buzovu: “Xuvar” inək və ya buzovun çıxardığı səsə deyilir. Bir qrup təfsirçi hesab edir ki, Samiri qızıldan düzəldilmiş buzovun daxildən sinə hissəsinə xüsusi bir boru qoymuşdu. Həmin borudan buzov səsinə bənzər bir səs çıxırdı. Bəziləri hesab edir ki, buzovu külək istiqamətində tənzimləmişdi. Külək əsərkən buzovun xüsusi şəkildə düzəldilmiş ağzından səs çıxırdı. Bəzi təfsirçilər hesab edirlər ki, Samiri Cəbrailin (ə) ayağının altından götürdüyü torpağı həmin buzovun içinə tökdüyü üçün buzov canlanmış və təbii buzov səsi çıxarmışdı. Sonuncu ehtimal Quranla təsdiqini tapmır. Çünki “cəsəd” (heykəl) ifadəsi onun canlı deyil, cansız bir cəsəd olduğunu deməyə əsas verir. Hər halda Samiri Musanın (ə) qövmünün uzun illər qayğılar içində yaşadığını, materialist düşüncələrin bu qövmə hakim kəsildiyini, qızıla, daş-qaşa çox həris olduqlarını yaxşı bildiyi üçün buzovu qızıldan düzəltmişdi ki, qulların və qızıl düşkünlərinin diqqətini ona cəlb edə bilsin[70]. Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Dinimi zay etdiniz.) Rəbbinizin əmri ilə bağlı tələskənlik etdiniz?” Sonra lövhələri atdı, qardaşının başından yapışıb özünə tərəf çəkdi. (Harun) dedi: “Ey anam oğlu! Belə edib məni düşmənin istehza hədəfinə çevirmə. Məni zalımlarla bərabər tutma!” (Musa) dedi: “Ey Rəbbim! Məni və qardaşımı bağışla. Bizi Öz mərhəmətin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!” Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq! Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra bağışlayandır, rəhm edəndir! Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” – (deyə yazılmışdı). Musa Bizim təyin etdiyimiz yerə öz tayfasından yetmiş adam seçdi. Yer titrəməsi onları yaxaladıqda (və onlar həlak olduqdan sonra Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu, Sənin sınağından başqa bir şey deyildir. Sən onunla istədiyini (layiq bildiyini) zəlalətə düçar edər, istədiyini (layiq gördüyünü) doğru yola yönəldərsən. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı sən bağışlayanların ən yaxşısısan! —————————————————————————————— Allahın əmri ilə bağlı tələskənlik etmək: Ayənin məzmunundan belə başa düşülür ki, onlar Allahın otuz günün uzadılıb qırx gün edilməsi ilə bağlı əmrinə tələskən reaksiya vermiş, Musanın (ə) gəlməməsini onun ölümü və ya vədinə sadiq qalmaması ilə izah etmişdilər. Halbuki azacıq səbir etməli, bir neçə gün dözməli və əsl məsələnin ortaya çıxmasını gözləməli idilər[71]. Musanın (ə) buzovpərəstliyə qarşı reaksiyası: Quranın digər ayələri, xüsusilə “Taha” surəsinin 92-93-cü ayələrindən belə məlum olur ki, həzrət Musa (ə) Harunu (ə) çox ciddi şəkildə tənbeh etmiş və səsini qaldıraraq belə demişdi: “Ey Harun, onların haqq yoldan azdığını gördükdə nə üçün mənə tabe olmadın? Mənim əmrimdən boyun qaçırdın?” Bu reaksiya bir tərəfdən Musanın (ə) bütpərəstlik və qövmünün haqq yoldan azmasına görə keçirdiyi daxili narahatlıq hissinin aydın təzahürü, digər tərəfdən isə İsrail oğullarının yatmış beyinlərini oyatmaq və əməllərinin çox çirkin olduğuna diqqət cəlb etmək üçün bir vasitə idi. Belə bir kəskin reaksiya və həyəcanlı davranış olmasaydı, İsrail oğulları öz xətalarının nə qədər dərin və böyük olduğunun fərqinə varmaz, bütpərəstliyin təsirləri beyinlərində qalardı. Buna görə də Musanın (ə) bu davranış tərzi nəinki bəyənlməz, əksinə, vacib və labüd hesab edilirdi[72]. Musanın (ə) Allahla vədələşdirdiyi yerlərin sayı: Musa (ə) ilə Allah arasında olan vədələşmələrin sayının neçə olması təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Hər biri öz fikrini sübuta yetirmək üçün Quranın ayrı-ayrı hissələrinə əsaslanmışdır. Quran və hədislərdə olan faktların ümumi məcmusundan belə başa düşülür ki, Musanın (ə) Allahla bir vədələşməsi olmuşdur. Həmin vaxt da İsrail oğullarından bir dəstəsini götürüb vədələşdirilən yerə aparmışdır. Allah Tövratın lövhələrini həmin vaxt nazil etmiş və onunla danışmışdır. Məhz elə həmin vədələşdirilmiş yerdə göy gurultusu və ya zəlzələ baş vermiş, Musa və İsrail oğulları şzlərindən gedib yerə yıxılmışdılar[73]. Həlak olanlar yenidən dirilirlər: Musanın (ə) bu cümləsi etiraz xarakteri daşımırdı. Əslində, o bununla Allahın lütf və mərhəmətini cəlb etmək istəyirdi. Bu davranışı ilə Allahın lütf və mərhəmətinə sığınaraq, yanlış istəklərinə görə məhv olmuş günahkarların yenidən dirilməsini istəyirdi. Çünki İsrail oğullarının onu yetmiş nəfərin ölümüdə ittiham edəcəyindən və nəticədə kafir olacaqlarından qorxurdu. Buna görə də Musa (ə) ağlaya-ağlaya, yalvara-yalvara deyir: “Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən?” Yəni səfehlərinə görə bir xalqı tamamilə məhv etmək Sənin mərhəmət və mehribanlığından uzaqdır. Çünki onların həlak olması İsrail oğullarının haqq yoldan azmasına səbəb olacaq. Sonra Musa (ə) Allaha “bu, Sənin sınağından başqa bir şey deyildir. Sən bununla istədiyini (layiq bildiyini) zəlalətə düçar edər, istədiyini (layiq gördüyünü) doğru yola yönəldərsən”, – deyərkən məqsədi bu olur ki, sınağa çəkdiyi bütün fərdləri həlak etmək Allahın ənənəsindən uzaqdır. Hər halda Musa (ə) istəyirdi ki, Allah həmin yetmiş nəfəri diriltsin, peyğəmbərini qövmünün iftirasından, İsrail oğullarını isə azğınlıqdan xilas etsin[74]. Ayə və hədislərin məcmusundan belə nəticəyə gəlmək olar ki, həlak olmuşlar nəhayət ki, yenidən dirilir və Musa (ə) ilə birlikdə İsrail oğullarına doğru geri dönürlər, gördüklərini camaata çatdırır, məlumatı olmayanları təbliğ edir, maarifləndirirlər[75]. Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz. Biz Sənə tərəf dönmüşük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edərəm. Rəhmətim hər şeyi əhatə edib. Onu təqvalı olanlara, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam! Onlar Allahın elçisinə, ümmi (təhsil almamış) peyğəmbərə tabedirlər, onun hansı xüsusiyyətlərə malik olduğunu əllərindəki Tövrat və İncildən bilirlər. Onlara yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, təmiz nemətləri halal, təmiz olmayanları haram edər, onların ağır yükünü götürər və üzərlərindəki buxovları açar. Ona iman gətirən, yardım göstərən və onunla nazil olan nura tabe olanlar, məhz onlar nicat tapanlardır!” De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. (O Allahın ki,) göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir məbud yoxdur. O dirildir və öldürür. Buna görə də Allaha, eləcə də Onun Allaha və Allahın sözlərinə inanan və təhsil görməmiş peyğəmbəri olan elçisinə iman gətirin və ona tabe olun ki, doğru yolu tapasınız!” Musanın ümməti arasında bir dəstə də vardır ki, onlar haqq yola doğru yönləndirir və haqq-ədalətlə hökm edirdilər. —————————————————————————————— Dünya və axirətdə yaxşılıq: “Dünyada və axirətdə yaxşılıq” deyilərkən dünya və axirətin pak, təmiz və gözəl həyatı nəzərdə tutulur. Allah yolunda addımlamaq, Allahın insan fitrətində qoyduğu yolda olmaq insanı dünya və axirətin pak, təmiz və gözəl yoluna yönləndirir[76]. İlahi rəhmətin genişliyi: “İlahi rəhmətin genişliyi” deyilərkən bu dünyada hər kəsə verilmiş, yaxşı və pis əməl sahibi olmasından asılı olmayaraq, hər kəsin faydalandığı dünya nemətləri nəzərdə tutula bilər. Onunla maddi və mənəvi rəhmətlərə də işarə edilə bilər. Çünki mənəvi nemətlər yalnız bir xalqa, bir cəmiyyətə məxsus deyil. Baxmayaraq ki, bunun da müəyyən şərtləri var, həmin şərtlər olmadan şamiloma gerçəkləşmir. Ümumiyyətlə, ilahi rəhmət qapısı hər kəsin üzünə açıqdır. Sadəcə, insanlar özləri bu qapıdan keçməklə bağlı qərar qəbul edirlər. O qapıdan keçmək üçün lazım olan şərtləri özündə ehtiva etməyən insan günahı özündə axtarmalıdır. Bunu Allahın rəhmətinin məhdud olması kimi izah etmək düzgün deyil. Lakin tövbənin qəbul edilməsi, Allahın rəhmətinin geniş və ümumi olmasının qeyd-şərtsz və hesab-kitabsız olması təsəvvürünün qarşısını almaq üçün ayənin davamında Allah-taala belə buyurmuşdur: “Onu təqvalı olanlara… yazacağam”[77]. İmamlardan (ə) bizə gəlib çatmış hədislərdə Allah-taalanın rəhmətinin çox cüzi hissəsini bu dünyaya bəxş etdiyini, bütün yaradılış aləminin həmin rəhmətə xatir var olduğu, bütün rəhmətinin isə axirətdə möminlərə və təqvalılara şamil olacağı qeyd edilmişdir. Allahın rəhmət və mərhəmətinin çox böyük olması ilə bağlı gözəl və müjdələyici hədislər var. Peyğəmbər (s) buyurmuşdur: “Canım əlində olana and olsun! Allah Qiyamət günü elə mehribanlıq göstərib bağışlayar ki, İblis də ümidlənir ki, bəlkə Allah onu da bağışlasın.”[78] Ümmi peyğəmbər: Quranda “ümmi” anadan doğulduğu kimi qalan, yazıb-oxumağı bacarmayan, ilk doğulduğu gün yazıb-oxumağı bacarmadığı kimi, sonralar da bunu bacarmayan şəxsə deyilir. Bu söz fars dilində də təhsil almamış adam mənasını verir[79]. Peyğəmbərin (s) məktəbə getməməsi və heç nə yazmaması bütün tarixçilər tərəfindən yekdilliklə qəbul edilmiş bir məsələdir. Allah-taala da “Ənkəbut” surəsinin 48-ci ayəsində Peyğəmbərin (s) seçilməzdən əvvəlki vəziyyəti haqqında belə buyurur: “Bundan əvvəl sən əsla bir kitab oxumamış və öz əlinlə heç nə yazmamısan. Əgər belə olsaydı, onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər.” Əgər Peyğəmbər (s) təhsil alsaydı, deyəcəkdilər ki, Quranı özü yazıb. Təhsilsiz olmasının hikməti onun peyğəmbərliyinin dəlillərindən idi, çağırış kontekstində Allah və metafizik aləmlə olan əlaqəsinə kölgə sala biləcək ehtimalları inkar edirdi. Əlbəttə, təhsil almamaqla savadsızlıq tamamilə ayrı-ayrı şeylərdir. Peyğəmbərin (s) yazıb-oxumağı insandan deyil, Allahdan öyrənməsinin heç bir problemi yoxdur. Çünki belə bir vərdiş şübhəsiz ki, insanı kamilləşdirən və peyğəmbərlik məqamını gücləndirən cəhətlərdəndir. Hədislərdə bu məsələyə işarə edilmişdir: “Peyğəmbər (s) həm yazmaq, həm də oxumaq bacarığına malik idi, lakin missiyası ilə bağlı cüzi də olsa, şübhə yaranmaması üçün bu bacarığından istifadə etməmişdir.”[80] Allahın sözləri: “Allahın sözləri” deyilərkən Allahın İslam peyğəmbəri (s) və digər peyğəmbərlərə göndərdiyi və əməl edilməsini vacib buyurduğu şəriət və ayinlər nəzərdə tutulur[81]. Biz onları hər biri bir qəbilə olan on iki qrupa böldük. Qövmü ondan (səhrada) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. Birdən-birə ondan on iki çeşmə qaynadı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Allaha şükür edin) dedik. Onlar (itaətsizlik göstərmək və zülm etməklə) Bizə yox, ancaq özlərinə zülm edirdilər! Onlara: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan istədiyiniz yerdə yeyin (faydalanın), “Allah, bizi bağışla” deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) təvazökarlıqla daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərə daha çox mükafat verəcəyik”, – dediyimiz vaxtı xatırlayın! Lakin özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən bəla göndərdik. Onlardan dəniz kənarında yerləşən şəhər haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar (Allahın əmrindən çıxırdılar). Həmin vaxt şənbə (tətil, istirahət, ibadət) günü balıqlar (suyun səthində) görünür, şənbədən başqa günlərdə isə gəlmirdi. Bu şəkildə biz onları itaətsizliklərinə səbəb olan hadisə ilə imtahan etdik. —————————————————————————————– Qəbilələr: Ayədə İsrail oğullarına verilmiş bir neçə ilahi nemətə işarə edilmişdir. Öncə belə buyurulur: “Biz onları hər biri bir qəbilə olan on iki qrupa böldük.” Bu bölgünün məqsədi onların ədalətli və düşmən münasibətlərindən kənar bir sistem vasitəsilə idarə edilməsi olmuşdur. Məlumdur ki, düzgün və nizam-intizamlı təsnifatlara malik, ayrı-ayrı qrupları layiqli başçılar tərəfindən idarə edilən bir cəmiyyətin idarə edilməsi daha asan və həmin cəmiyyətdə ədalətin bərqərar edilməsi daha rahat olar. Buna görə də bütün dünya ölkələrində bu prinsipdən istifadə etmək üçün səy göstərilir. “Əsbat” sözü “sibt” sözünün cəmidir, mənası övladlar, xüsusilə də nəvələrdir. Bir ailənin ayı-ayrı qollarına “sibt” və “əsbat” deyilir. Burada (əsbat) qəbilələr deyilərkən hər biri Yaqubun (ə) övladlarından törəmiş Bəni-İsrail qəbilələri nəzərdə tutulur[82]. Mənn və səlva: Allahın İsrail oğullarına göndərdiyi “mənn” və “səlva” haqqında təfsirçilər müxtəlif fikirlər irəli sürmüşlər. Çox böyük ehtimalla “mənn” ətraf dağlarda olan təbii bal növü və ya həmin səhrada bitən ağaclardan süzülən xüsusi şirə növüdür. “Səlva” göyərçin quşuna bənzəyən əti halal olan bir quş növüdür. Bunlar və bir neçə digər nemət Allahın Fironun qoşunlarının əlindən xilas olmuş və səhrada didərgin düşmüş İsrail oğullarına bəxş etidiyi hədiyyə idi[83]. Təhrif edilmiş xilasedici söz: “Bəqərə” surəsinin 59-cu ayəsinə bax! Şənbə səhabələrinin məskunlaşdığı məkan: Bu ayədə İsrail oğullarının macəra dolu tarixinin başqa bir səhifəsinə işarə edilmişdir. Əlimizdə olan hədislərə əsasən deyə bilərik ki, işarə edilən hadisə dənizlərdən birinin (ehtimal ki, Qırmızı dəniz) sahilində İlə adlı (indi İlat adlanır) liman yaxınlığında yaşayan insanlar haqqındadır. Allah onları sınaqdan keçirmək üçün onlara şənbə günü balıq ovlamağı qadağan edir. Ancaq onlar bu əmri pozduqları üçün şiddətli əzaba düçar olurlar[84]. Cəlbedici vasitələrlə imtahan edilmək: “Bu şəkildə biz onları itaətsizliklərinə səbəb olan hadisə ilə imtahan etdik” cümləsindən belə başa düşülür ki, Allah-taala onları insanı özünə cəlb edən, cazibəsi olan, itaətsizlik göstərməyə təhrik edən bir hadisə ilə sınağa çəkmişdir. Ümumiyyətlə, insanların və cəmiyyətlərin qarşılaşdığı bütün sınaqlar eyni səciyyəyə malikdir. Çünki ilahi sınaq insanın cazibələr qarşısındakı müqavimətinin miqyasını müəyyən etməlidir. Əgər günah insanı özünə tərəf çəkməzsə, sınağın heç bir mənası olmaz[85]. Onlardan bir dəstə (başqa bir dəstəyə): “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, onların: “(Bu nəsihətlər) Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (nəticə çıxarıb, günahdan çəkinsinlər) təqvalı olsunlar!” – dedikiləri zamanı xatırla! Onlara edilən xəbərdarlıqları unutduqları zaman Biz pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətsizlik göstərdikləri üçün şiddətli bir əzaba düçar etdik. Qadağan olunduqları işdə itaətsizlik göstərdikləri vaxt onlara: “Qovulmuş meymunlara çevrilin!” – deyə əmr etdik. Rəbbinin Qiyamət gününədək onlara şiddətli əzab verəcək şəxs göndərəcəyini xəbər verdyi vaxtı (xatırla)! Çünki Rəbbinin cəzası sürətlidir. Sözsüz ki, O, həm də (tövbəkarları) bağışlayandır, rəhm edəndir! Onları yer üzündə dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşılıq və pisliklərlə imtahan etdik ki, bəlkə (haqq yola) dönsünlər. Onlardan sonra yerlərini kitaba (Tövrata) sahib olan övladlar tutdu. (Ancaq bununla belə,) onlar bu dəyərsiz dünya malını götürüb deyirlər: “Biz (günahkarıqsa, tövbə edib) bağışlanacağıq!” Əgər əllərinə bunun misli qədər daha bir dünya malı gəlsə, onu da alarlar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan kitabda yazılmış əhd alınmamışdımı?! Onlar onu dəfələrlə oxuyublar. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? Kitabdan (möhkəm) yapışanlar, namaz qılanlar (böyük mükafat alacaqlar, çünki) Biz əməlisalehlərin mükafatını zay etməyəcəyik! ——————————————————————————————– “Şənbə səhabələri”nin hiyləsi: Bu insanların qanun pozuntusuna nədən başlaması ilə bağlı təfsirçilər arasında fikir ayrılıqları mövcuddur. Bəzi hədislərdən belə məlum olur ki, onlar ilk qanun pozuntusuna dini hiylə işlədərək başlamışlar. Yəni dənizin sahilində bir hovuz düzəldib oradan dənizə arx açırlar. Şənbə günləri hovuzun yolunu açırdılar. Nəticədə dəniz suyu ilə birlikdə hovuza çoxlu sayda balıq daxil olurdu. Axşam vaxtı balıqlar dənizə qayıtmaq istədikdə suyun qarşısını kəsir, balıqların dənizə qayıtmasına mane olurdular. Sonra bazar günü hovuza dolmuş balıqları ovlayır, “biz şənbə günü ov etməmişik, yalnız onları hovuzda mühasirəyə almışıq” deyrdilər[86]. Günahkarlar və onlara etiraz etməyənlərin həlak olması, pisdən çəkindirənlərin xilası: Bu ayədən belə başa düşülür ki, sahildə yaşayan əhali üç qrupa bölünmüşdü: birinci qrup heç bir qorxusuz günah və itaətsizlik edənlər; ikinci qrup itaətsizlik göstərməməklərinə baxmayaraq, günahkarlar qarşısında susan, onları günahlardan çəkindirməyən, üstəlik pislikdən çəkindirənlərə göstərdikləri fəaliyyətlərinin əbəs olduğunu, günahkarlara heç bir təsir göstərmədiyini deyib etiraz edənlər; üçüncü qrup isə Allahın əmrinə etina etməyib günah edənləri pis yoldan çəkindirən və Allah qarşısında məsuliyyət daşıdıqlarının fərqinə varan insanlar idi. Bu ayəyə əsasən, bu üç qrupdan (günahkarlar, sükut edənlər və nəsihət verənlər) yalnız üçüncü qrup ilahi əzabdan xilas olmuşdur. Hədislərə görə, onlar nəsihətlərinin heç bir təsir göstərmədiyini görüb narahat olmuş, şəhəri tərk etmək qərarına gəlmişdilər. Gecə vaxtı şəhəri tərk edib səhraya üz tutmuşdular. Elə məhz həmin gecə digər iki qrup ilahi əzaba düçar olmuşdu. Bu ayədə Allahın iki qanunundan birinə işarə edilmişdir. O da budur ki, əgər kimsə zülm və haqsızlığın qarşısını almasa və ya ən azı öyüd-nəsihət verməsə, nəhayət, zülm və fəsad mühitini tərk etməsə, həmin zülmkarlarla ortaqdır, onlar kimi əzaba məhkumdur. İmam Sadiqin (ə) “şənbə səhabələri” haqqında olan bir hədisində belə qeyd edilmişdir: “İki qrup həlak oldu, yalnız qadağa qoyan qrup xilas oldu.” Əlbəttə, metomorfoz cəzası ov edənlərə aid idi, günaha etiraz etməyənlərin cəzası isə ehtimal ki, həlak olmaq olmuşdur. Belə ki, metomorfoza uğramışlar da bir neçə gündən sonra həlak olmuşdular[87]. Yəhudilər rahatlıq üzü görməyəcəklər: Təfsirçilər bu ayənin təfsiri ilə bağlı müxtəlif ehtimallar irəli sürmüşlər. Bəziləri hesab edir ki, burada itaətsizlik göstərən qrup nəzərdə tutulmuşdur. Onlar hətta dövlət qursalar da, yollarını dəyişməyincə, zülm və fəsaddan əl çəkməyincə rahatlıq tapa bilməyəcək, təzyiqlər altında olacaqlar, narahatlıqları əsla səngiməyəcək. Bəziləri hesab edir ki, burada “Bərzəx” aləminə işarə edilmişdir. “Qiyamət gününədək onlara şiddətli əzab verəcək şəxslər” deyilərkən Bərzəxdə onlara Qiyamətə qədər əzab verəcək mələklər nəzərdə tutulmuşdur[88]. Nemətlər və çətinliklər Allaha doğru qayıdışın iki amili: “Onları yer üzündə dəstələrə parçaladıq” cümləsində yəhudilərin yer üzünə səpələnməsinə işarə edilmişdir. “Yaxşılıqlar” deyilərkən nemətlər, rifah, asayiş, “pisliklər” deyilərkən narahatlıqlar və təzyiqlər nəzərdə tutulur. Onlara şükür hissini aşılamaq, haqq yoluna qayıtmaları üçün bəzən onlara stimul, rifah və nemət bəxş etdik, bəzən onlara bəla göndərib çətinliklərə məruz qoyduq ki, qürur, təkəbbür, xudpəsəndlikdən əl çəkib öz acizliklərinin fərqinə varsınlar, nəticədə, bəlkə də ayılıb Allahın yoluna qayıtsınlar. Hər iki halda məqsəd onların haqq yola yönləndirilməsi və qaytarılmasıdır[89]. (Xatırlayın) dağı onların başı üstünə kölgəlik kimi qaldırdığımız zaman onlar elə güman etmişdilər ki, dağ üstlərinə düşəcək. Onlara: “Sizə verdiyimizdən möhkəm yapışın, orada olanları yada salın ki, təqvalı olasınız!” – demişdik. Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən övladlarını çıxardıb özlərini-özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” – (deyə soruşdu), onlar da: “Bəli, Rəbbimizsən!” – deyə cavab verdilər. (Bunu ona görə etdi ki, məbada) Qiyamət günü: “Biz bundan qafil idik”; və ya: “Atalarımız bizdən əvvəl müşrik olmuşdular, biz də onlardan sonra gələn övladlar idik (onların yolunu getməkdən başqa çarəmiz yox idi). Bizi batilə uyanların törətdikləri əməllərə görəmi məhv edəcəksən?” – deyəsiniz. Biz ayələrimizi bu şəkildə izah edirik ki, onlar, bəlkə, qayıtsınlar (və bilsinlər ki, tövhd nidası onların ruhunda hələ ilk gündən mövcud olmuşdur). Onlara ayələrimizi verdiyimiz şəxsin əhvalatını oxu (danış). Amma o, bu ayələrin əhatəsindən çıxdı. Şeytan onu özünə tabe etdi və o, azanlardan oldu. Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. (Məcburiyyət bizim ənənəyə xarakterik olmadığı üçün bunu etmədik.) Lakin o, aşağı meyl edib nəfsinin istəklərinə uydu. O, elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da ağzını açıb dilini çıxaracaq, cummasan da. (Dünyaya o qədər hərisdir ki, ondan əsla döymaz.) Bu, ayələrimizi yalan hesab edən dəstənin məsəlidir. Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, düşünsünlər! Ayələrimizi yalan hesab edərək özlərinə zülm edən dəstənin barəsində çəkilən məsəl necə də pisdir! Allahın doğru yola yönəltdiyi şəxs (əsl) doğru yolda olan şəxsdir. Onun (etdiyi əməllərə görə) sapdırdığı şəxslər (əsl) ziyana uğrayanlardır. —————————————————————————————– Tur dağının Bəni-İsrail xalqının başı üzərində olması: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Allah-taala Tövratı İsrail oğullarına göndərdikdə onlar Tövratı qəbul etmədilər. Buna görə də Allah-taala Turi-Sina dağını onların başı üzərinə qaldırdı. Bu vaxt Musa (ə) onlara dedi: “Əgər Tövratın göstərişlərini qəbul etməsəniz, bu dağ sizin üstünüzə düşəcək.” Yalnız bundan sonra onlar qəbul etdilər və onun qarşısında təslim oldular.”[90] Tövhid, fitrət dini: Bu və sonrakı iki ayədə fitri tövhidə və Allaha inamın insanların ruhunun dərinliklərində olmasına işarə edilir. Bu ayənin izahı haqqında çoxlu sayda fikir və rəylər mövcuddur. Ayənin daha məntiqli təfsirlərindən birində buradakı əhd-peymanla istedadlar aləminə, fitri sözləşməyə, yaradılışa və obyektivlik prinsipinə işarə edildiyi qeyd edilmişdir. Belə ki, Adəm övladları nütfə şəklində atalarının belindən ayrılıb analarının bətninə düşdükləri zaman zərrə şəklində olurlar. Həmin vaxt Allah bu zərrələrə tövhid həqiqətini dərk edəcək istedad və potensial bəxş edir. Bu ilahi sirr onların zatına və fitrətinə zati və daxili bir hiss, şüur və idraklarına isə şüurlu bir həqiqət şəklində əmanət edilir. Buna görə də bütün insan fərdləri tövhd ruhuna malikdirlər. Həm Allahın onlardan soruşduğu sualın, həm də insanların Allaha verdiyi cavabın dili obyektiv qanunlar sisteminə aiddir. Bu izaha görə, ayədəki sual-cavab forması və əhd-peyman fitri sözləşmə olmuşdur. Hər kəs bu fitrəti və onun təsirlərini ruhunda hiss edir. Hətta psixoloji araşdırmalara görə, dini hiss insanın şüuraltı psixikasının əsas hisslərindən biridir. Bəşəriyyəti bütün tarix boyu allahpərəstliyə sövq edən məhz həmin hissdir. Belə bir fitrət olduğu üçün insanların “atalarımız bütpərəst olublar” bəhanəsi tamamilə əsassızdır. “Rum” surəsinin 30-cu ayəsində belə buyurulmuşdur: “Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. İlahi yaradılışda dəyişiklik olmaz.”[91] Bələmi Baura: İmam Rza (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bu ayə Allahın “əzəmətli ad”ından xəbərdar olan və onunla istədiyi duanın qəbuluna nail olan, lakin sonradan nəfsinə uyub Firona meyl göstərən Bələmi Baura haqqındadır. Firon Musa (ə) və tərəfdarlarını ələ keçirmək üçün hərəkətə keçdiyi zaman Bələmə deyir: “Allahdan istə, Musa və yoldaşlarını bizim tələmizə salsın.” Bələm Musanı axtarıb tapmaq məqsədilə ulağına minir. Ulaq yerindən tərpənmir. Bələm heyvanı vurmağa başlayır. Allah heyvanı danışdırır və o deyir: “Vay olsun sənə! Nə üçün məni vurursan? İstəyirsən ki, səninlə birlikdə gedim və sən Allahın peyğəmbərinə və möminlərə nifrin edəsən?” Bələm onu o qədər çırpır ki, heyvan ölür. Bu vaxt “əzəmətli ad” ondan alınır. “Amma o, bu ayələrin əhatəsindən çıxdı…” ayəsində bu hadisəyə işarə edilmişdir.” İmam Baqir (ə) bu ayələr haqqında buyurmuşdur: “Əslində, bu ayələr Bələm haqqındadır. Allah-taala bu misalı nəfsani istəklərini ilahi hidayətdən üstün tutan hər bir müsəlmana meyar təyin etmişdir.”[92] Biz cinlərdən və insanlardan çoxunu şübhəsiz ki, Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri (ağılları) vardır, lakin onunla (düşünməzlər) anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz bunlardır! Allahın gözəl adları (əsmayi-hüsna) vardır. Allahı onunla (bu adlarla) çağırın. Onun adları barəsində təhrifə yol verənləri (o adları Allahdan qeyrisinə qoyub, Ona ortaq qoşanları) tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar! Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqqa yönləndirir, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər. Ayələrimizi yalan hesab edənləri tədricən bilmədikləri yerdən əzaba düçar edəcəyik. Mən onlara möhlət verirəm. Çünki Mənim tədbirim güclüdür. (Kimsə ondan yaxa qurtara bilməz.) Məgər (İslamı qəbul etməli olan kəslər) düşünmədilər ki, onların yoldaşında (Peyğəmbərdə) heç bir dəlilik əsər-əlaməti yoxdur? O, ancaq açıq-aydın qorxudandır! (İnsanlara öz vəzifələrini xatırladır.) Məgər onlar göylərin və yerin idarəçiliyinə, nizam-intizamına, Allahın yaratdıqlarına baxmadılarmı?! (Heç fikirləşmədilərmi ki,) bəlkə həyatlarının sonu yaxınlaşıb? (Bu aydın səmavi kitaba inanmadılarsa,) bundan sonra hansı sözə inanacaqlar? Allah hər kəsi (çirkin əməllərinin nəticəsi olaraq) doğru yoldan sapdırsa, ona yol göstərən olmaz. (Allah) onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyar! Səndən Qiyamət haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. (Hətta) göylərdə və yerdə ağırdır (çox əhəmiyyətlidir). O, sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar səndən (yenə) soruşarlar. De: “O, ancaq Allah dərgahında məlumdur, lakin insanların çoxu bilməz!” —————————————————————————————- Cinlərin və insanların yaradılış məqsədi: Bu ayədə deyilir ki, “cinlərin və insanların çoxu Cəhənnəm üçün yaradılıb”. Ortaya belə bir sual çıxır: Cin və insanların çoxunun yaradılmasının məqsədi Cəhənnəm odudurmu? Halbuki Quranın digər ayələrində son məqsədin Allaha ibadət, tərəqqi, təkamül, ilahi rəhmət və səadətə çatmaq olduğu qeyd edilmşidir. Əgər Quranın ayələrini yanaşı qoysaq, sualın cavabı aydınlşacaq. Cinlərin və insanların yaradılmasının məqsədi ilə bağlı deyilmiş bu fikir, sanki dülgər “topladığım bu ağacların çoxu gözəl qapılar düzəltmək, qalan əksəriyyəti yandırılmaq və ocaq qalamaq üçündür. Sağlam, təmiz və saf olan ağacları birinci qeyd etdiyim məqsəd üçün, sağlam olmayan, pisxassəli, zəif ağacları və tikə-paraları ikinci məqsəd üçün istifadə edəcəyəm” deməsinə bənzəyir. Əslində, dülgərin iki məqsədi var: Əsas və ikinci dərəcəli məqsəd. Əsas məqsəd qapı və yaxşı vasitələr düzəltməkdir. O, bütün səy və fəaliyyətini məhz bu yolda sərf edir. Ancaq lazım olmayan, istifadəyə yaramayan ağacları yandırmaq üçün bir kənara qoyur. Bu isə dülgərin əsas deyil, ikinci dərəcəli məqsədidir. Bu misalla bizim mövzunun arasında mövcud olan yeganə fərq ağacların bir-birindən fərqlənməsinin qeyri-ixtiyari olması, insanların isə bir-birindən fərqlənməsinin onların özlərinin ixtiyari şəkildə etdikləri əməllərdən asılı olmasıdır. Başqa sözlə desək, Allah Quranın müxtəlif ayələrində buyurur ki, bütün insanları pak və təmiz yaratmış, xoşbəxtlik və təkamül səbəblərini hər kəsin ixtiyarına vermişdir. Ancaq bir qrup insan öz əməlləri ilə Cəhənnəm əzabına düçar olur, sonu zülmət və bədbəxtliklə nəticələnir. Başqa bir qrup insan isə öz əməlləri ilə cənnətlik olur, xoşbəxtlik və səadətə qovuşur[93]. Gözəl adlar: Allahın gözəl adları deyilərkən Allahın hər biri gözəl olan ayrı-ayrı sifətləri nəzərdə tutulur. Bilirik ki, Allah alim, qadir, ruzi verən, adil, səxavətli, kərim və rəhimdir. Bunlardan başqa da gözəl sifətlərə malikdir. Əlbəttə, Allahın bu adlarla çağırılması deyilərkən məqsəd həmin adların təkcə dildə deyilməsi, “ey alim, ey qadir, ey rəhimlilərin rəhimlisi və s.”, – deyə çağırılması deyil. Əsl məqsəd bu adları insanın imkan daxilində öz varlığına hopdurması, Onun elminin ziyasının, qüdrət və qüvvəsinin işığının, sonsuz rəhmətinin insanlarda və cəmiyyətdə tətbiqidir. Başqa sözlə desək, Onun sifətləri ilə sifətlənməli, əxlaqı ilə əxlaqlanmalıyıq. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “And olsun Allaha, Allahın gözəl adları bizik”. İmam (ə) bu hədisində ilahi sifətlərin güclü işığının pak və məsum olan Əhli-beytin (ə) varlığında əks olunduğuna işarə etmişdir. Yəni onları tanımaq insanın Allahı tanımasına kömək edir. Məlumdur ki, Allahın bütün adları gözəldir. Hədislərə əsasən, onların arasındakı bəzi adlar daha əhəmiyyətlidir. Bəlkə də bu ayədə “gözəl adlar” deyilərkən məhz həmin sifətlər nəzərdə tutulmuşdur. Peyğəmbər (s) və imamlardan (ə) bizə gəlib çatmış hədislərdə Allahın 99 adının olması, həmin adlarla çağırıldıqda duaların qəbul olunması, onları sayanın Cənnətə gedəcəyi ilə bağlı hədislər nəql edilmişdir. Əlbəttə, nəzərə almalıyıq ki, bu hədislərdə məqsəd adların onların məzmununa diqqət yetirmədən təkcə oxunması deyil. Məqsəd insanların bu ad və sifətlərə etiqad bəsləməsi, sonra varlığında həmin adların məzmununu ehtiva edən ziyanı-nuru öz varlığında əks etdirməkdir. Məsələn, Allah səxavətlidirsə, deməli, biz də belə olmalıyıq. Bu cəhəti özünə aşılayan şəxs şübhəsiz ki, Cənnətlik olar, duaları da Allah tərəfindən qəbul edilər[94]. De: “Mən Allah istəmədən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. (Allahın iradəsi xaricində qeybdən və gizli sirlərdən də xəbərdar deyiləm.) Əgər qeybdən xəbərdar olsaydım, özüm üçün daha çox xeyir tədarük edərdim və mənə pislik (ziyan) də toxunmazdı. Mən iman gətirən (haqqı qəbul etməyə hazır olan) bir tayfanı ancaq qorxudan və müjdələyənəm!” Sizi tək bir fərddən (Adəmdən) yaradan və ünsiyyət qurması (rahatlıq tapması) üçün öz cinsindən zövcəsini yaradan Odur. (Adəm) zövcəsi ilə yaxınlıq etdikdə o, (Həvva) yüngül bir yük götürdü (hamilə oldu), buna baxmayaraq işlərinə davam etdi. Ağırlaşdığı vaxt hər ikisi Allaha dua edib: “Əgər bizə saleh bir uşaq versən, şükür edənlərdən olarıq!” – dedi. Allah onlara (insanlara) saleh övlad verdikdə (digər varlıqların bu işdə təsirinin olduğunu güman edib) bu nemətə görə Allaha şəriklər qoşmağa başladılar. Allah isə Ona qoşulan şəriklərdən ucadır! Ona heç bir şey yaratmayan, özləri də yaradılmış olan varlıqlarımı şərik qoşurlar? (Halbuki bunlar) nə onlara kömək edə bilər, nə də özlərinə! Siz onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün eynidir, istər onları dəvət edin, istərsə də susun. Allahdan başqa ibadət etdikləriniz sizin kimi bəndələrdir. Əgər doğru deyirsinizsə, haydı, çağırın onları, sizə cavab versinlər. (İstədiklərinizi versinlər.) Onların (heç olmasa sizin özünüzdəki kimi) yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları varmı?! (Yox, əsla!) De: “Allaha şərik qoşduğunuz bütləri çağırın, Mənə qarşı tədbir tökün və bir an belə, möhlət verməyin! ———————————————————————————– Peyğəmbərlərin qeybi bilməsi Allahın bir nemətidir: Məhdud araşdırmaları olan, digər ayələri nəzərə almadan bir ayəyə səthi baxıb, hətta həmin o bir ayənin özündəki incə nüansları belə, diqqətdən qaçıraraq mühakimə yürüdən bəzi şəxslər bu ayəyə əsaslanaraq Peyğəmbərin (s) qeybdən xəbər verə biləcəyini inkar edirlər. Halbuki bu ayədə Peyğəmbərin (s) müstəqil şəkildə, Allahın iradəsi xaricində qeybdən xəbərdar ola biləcəyi inkar edilmişdir. Biz hər bir insanın özünün və başqalarının xeyir və ziyanlarının malik olduğunu bildiyimiz halda, bu ayədə Peyğəmbərin (s) müstəqil şəkildə özünə xeyir verə və ziyan vura biləcəyi inkar edilmişdir. Buna görə də ayənin “mən Allah istəmədən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm” cümləsi açıq şəkildə göstərir ki, burada məqsəd xeyir və ziyan üzərindəki malikiyyəti, habelə qeyb bilgisini qeyd-şərtsiz inkar etmək deyil. Burada əsas məqsəd müstəqilliyin inkarıdır. Başqa sözlə desək, Peyğəmbər (s) öz-özlüyündə heç nə bilmir, yalnız Allahın qeybdən verdiyi xəbərləri, ixtiyarına verdiyi sirləri bilir. “Cinn” surəsinin 26-27-ci ayələrində belə buyurulur: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərdən başqa!”[95] Əqli cəhətdən də sübuta yetirilmişdir ki, peyğəmbər və imamlar (Allahın salamı olsun onlara) bəzi qeyb sirlərindən xəbərdar olmadan öz vəzifələrini tam şəkildə yerinə yetirə bilməzlər. Belə ki, istər zaman, istərsə də məkan baxımından peyğəmbər və imamların (Allahın salamı olsun onlara) məmuriyyət dairəsi çox geniş olmuşdur. Xüsusilə Peyğəmbərin (s) peyğəmbərlik, imamların (ə) imamlıq missiyasının ümumbəşəri və əbədi olması, yəni Qiyamətə qədər bütün yer üzü və bütün dünya insanlarına şamil olması bu fikri daha da gücləndirir. Əgər bir vilayət valisi vilayətdəki insanların vəziyyətini, regionun imkanlarını, imtiyaz və məhrumiyyətlərini bilmədən həmin vilayəti idarə edərsə, oranın rəhbərliyinin öhdəsindən layiqincə gələ bilərmi? Şübhəsiz ki, xeyr. Bəs o zaman Qiyamətə qədər bütün bəşəriyyətə peyğəmbər seçilmiş bir peyğəmbər ona verilmiş missiya müddətinin son gününə qədər dünyadakı vəziyyətdən xəbərdar olmadan öz vəzifəsini necə icra edə bilər? Şübhəsiz ki, onlar adi vasitələrlə bütün əsrlərdən xəbər tuta bilməz, bütün xalqlar və millətlərdən xəbərdar ola bilməzdilər. Buna görə yeganə yol Allahın təlimi ilə qeybdən xəbərdar olmaqdır. Bundan əlavə, onların rəhbərlik missiyası cəmiyyətin zahir və batininə, insanların xaricinə və daxilinə şamil olur, təkcə həyatın zahiri yönü ilə məhdudlaşmır. İmam Sadiq (ə) hədislərinin birində ravilərdən birinə xitabən belə buyurmuşdur: “Sən  Allahın Öz bəndələrinə onların sirlərindən xəbərdar olmayan bir rəhbər və bir xəlifə təyin etməsinin mümkün ola biləcəyinimi fikirləşirsən?”  Bu məzmun o həzrətin başqa bir hədisində daha aydın şəkildə ifadə edilmişdir: “Allahın bir bəndəni Özünün yer üzündəki dəlili təyin edib bütün ehtiyaclarının ondan gizlətdiyini güman edən şəxs Allaha iftira atmışdır.”[96] Saleh övlad Allahın nemətidir: “Bir fərd və zövcəsi” deyilərkən Adəm (ə) və Həvva deyil, cins mənasında kişilik və qadınlıq nəzərdə tutulmuşdur. Yəni Allah sizin zövcələrinizi sizin cinsinizdən yaratdığı kimi, hamınızı da eyni növdən yaratmışdır. Bu və sonrakı ayələrdə övlad gözləyərkən əllərini dua etmək üçün qaldırıb Allahdan saleh və layiqli övlad istəyən, hər kəs kimi çətinlik və təhlükə ilə qarşılaşdıqları zaman tam səmimiyyətlə Allaha dua edən, istədikləri həyata keçəcəyi təqdirdə şükür edəcəkləri ilə bağlı Onunla əhd-peyman bağlayan, lakin övladı olduqdan və ya problem və çətinlikləri həll olduqdan sonra bütün əhd-peymanlarını unudan insanlara işarə edilmişdir. Bəzən deyirlər ki, əgər övladımız sağlam və gözəldirsə, ata-anasına çəkib, bu, uşağa irsən keçib. Bəzən deyirlər ki, qidalanması və şəraiti yaxşı olub, filan məhsulların sayəsində belə olub. Bəzən ibadət etdikləri bütlərə üz tutaraq deyirlər: “Övladımız bütlərin nəzarləri altında olub” və s. Bununla da Allahın rolunu tamamilə unudur, onlara bəxş edilən nemətin əsas səbəbkarının təbiət amilləri və ya uydurma tanrılar olduğunu güman edirlər[97]. Mənim hamim kitabı nazil edən Allahdır. O, bütün əməlisalehlərə himayədarlıq edər! Sizin Ondan başqa tapındıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!” Əgər siz onları doğru yol göstərmələri üçün çağırsanız, eşitməzlər. Sən onların sənə baxdıqlarını, lakin görmədiklərini görərsən. Sən onlarla mülayim davran, üzrlərini qəbul et, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı, Onun mükafat və cəzasını) xatırlayar və (Onu xatırlamaq sayəsində haqq yolu görər) dərhal görən olarlar. (Şeytanlardan olan) qardaşları (Allahdan qorxmayanları) durmadan azğınlığa sürükləyər, əllərindən gələni əsirgəməzlər. Sən onlara bir ayə gətirmədiyin zaman: “Nə üçün sən özün onu uydurmadın?” – deyə soruşarlar. De: “Mən ancaq mənə vəhy edilənə tabe oluram. Bu, Rəbbiniz tərəfindən (göndərilmiş) aşkar dəlil, iman gətirən bir tayfa üçün hidayət və mərhəmət mənbəyidir. Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm edilsin! Rəbbini səhər-axşam ürəyində yalvararaq, qorxaraq, səsini qaldırmadan yad et və qafillərdən olma! Rəbbinin yanında olanlar (Allaha yaxın olanlar) Ona ibadət etməyi özlərinə ar bilməzlər. Ona təsbih deyər, səcdə edərlər! ——————————————————————————— Rəhbər və təbliğatçıların dörd mühüm vəzifəsi: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə əxlaq mövzusunda Quranda bundan daha əhatəli bir ayə olmadığı qeyd edilmişdir. Bəzi hədislərdə qeyd edilir ki, bu ayə nazil olandan sonra Peyğəmbər (s) Cəbraildən (ə) insanlarla mülayim davranmaq və çətinliyə salmamağın mənasını soruşduqda Cəbrail (ə) deyir: “Ey Mühəmməd, Allah sənə zülm edənləri əfv etməyi, məhrum edənləri bağışlamağı, səndən əlaqələrini kəsənlərlə əlaqə yaratmağı əmr edir.”[98] Bu və sonrakı ayədə Peyğəmbərin (s) simasında rəhbər və təbliğatçıların üzərinə düşən dörd vəzifəyə işarə edilmişdir. Başlanğıcda mülayim davranmaq, çətinliyə salmamaq, üzrləri qəbul etmək göstərişi verilir. Təbii ki, rəhbər və təbliğatçı çox ciddi olarsa, çox çəkməz ki, cəmiyyət onu tərk edər və o, qəlblərdəki yerini itirər. Sonra Peyğəmbərə (s) insanları yaxşılığa çağırmaq göstərişi verilir. Bununla həm də ciddiliyin tərk edilməsinin yaltaqlıq olmadığına işarə edilir. Rəhbər və təbliğatçılar bütün həqiqətləri olduğu kimi deməli, insanları haqqa dəvət etməli, heç nəyi əsirgəməməlidirlər. Üçüncü mərhələdə cahil və nadanlar qarşısında dözümlü olmaq göstərişi verilir. Çünki rəhbərlər və təbliğçilər öz yollarında təəssübkeş, inadkar, cahil, əxlaqsız insanlarla qarşılaşırlar. Bu çətinliklərə qalib gəlməyin yolu cahillərlə polemikaya girmək deyil. Bu zaman ən yaxşı yol dözümlü və hövsələli olmaq, onları görməzdən gəlməkdir. 200-cü ayədə dini rəhbərlərin və təbliğatçıların dördüncü vəzifəsinə işarə edilmişdir. O da Şeytanın vəsvəsələri qarşısında Allaha sığınmaq, Ondan yardım istəməkdir. Çünki şeytanların vəsvəsələri onların yolları üzərində özünü məqam, mal, şöhrət və bu kimi formalarda göstərir. Şeytan və şeytansifətlər vəsvəsə edərək onları yoldan çıxarmağa səy göstərirlər[99]. Günahla qarşılaşdıqda Allahı xatırlamaq insanın ruhuna nur bəxş edir: İmam Sadiqin (ə) səhabələrindən olan Əbu Bəsir o həzrətdən bu ayə haqqında soruşduğunu, onun isə belə cavab verdiyini nəql edir: “Günah etməyi qərara alan, lakin Allahı xatırlayıb həmin günahdan əl çəkən bəndəyə işarə edilmişdir.”[100] “Allahı xatırlayarkən gözləri açılar, haqqı görərlər” cümləsinə gəlincə, şeytani vəsvəsələr insanın batininə pərdə çəkir. Nəticədə, insan yolu quyudan, dostu düşməndən, yaxşını pisdən ayırd edə bilmir. Lakin Allahı xatırlamaq insana ayıqlıq, işıq, həqiqətləri müəyyən edə bilmək gücü verir. Bu tanıma və bilmə Şeytanın vəsvəsələrindən xilas olmaqla nəticələnir[101]. Quran oxunduqda susmaq lazımdır: Quran oxunarkən susub onu dinləmək savabdır. Yəni bir nəfər Quran oxuyarsa, başqaları harada və hansı vəziyyətdə olmalarından asılı olmayaraq sükut edib ona qulaq assınlar, öz həyatlarında ondan ilham alsınlar. Quran təkcə qiraət kitabı deyil, düşüncə, dərk və əməl kitabıdır. Bu ayədəki müstəhəb əmrə o qədər təkid edilmişdir ki, hətta bəzi hədislərdə onun vacib olduğu vurğulanmışdır[102]. [1] Nümunə, c.6, səh.75 [2] Nümunə, c.6, səh.79 [3] Nümunə ,c.6, səh.91 [4] Nümunə, c.6, səh.99 [5] Nümunə, c.6, səh.106 [6] Əl-Mizan, c.8, səh.32 [7] Nümunə, c.6, səh.123 [8] Əl-Mizan, c.8, səh.71 [9] Əl-Mizan, c.8, səh.71 [10] Əl-Mizan, c.8, səh.139 [11] Əl-Mizan, c.8, səh.142 [12] Nümunə, c.6, səh.189 [13] Pəyame-Quran, c.6, səh.556 [14] Nümunə, c.6, səh.200; Pəyame-Quran, c.2, səh.165 [15] Nümunə, c.6, səh.206 [16] Təfsiri-Kaşif, c.4, səh.171 [17] Nümunə, c.6, səh.216 [18] Əl-Mizan, c.8, səh.176 [19] Əraf surəsinin 65, 73, 85-ci ayələri [20] Nümunə, c.6, səh.219 [21] Nümunə, c.4, səh.226 [22] Nümunə, c.6, səh.229; Əl-Mizan, c.8, səh.183 [23] Əl-Mizan, c.8 ,səh.183 [24] Nümunə, c.6, səh.235 [25] Əl-Mizan, c.8, səh.185; Təfsiri-mövzui, c.6, səh.321 [26] Nümunə, c.6, səh.237 [27] Nümunə, c.6, səh.220 [28] Nümunə, c.6, səh.238 [29] Təfsiri-mövzui, c.6, səh.384 [30] Əl-Mizan, c.8, səh.188 [31] Nümunə, c.6, səh.245 [32] Ətyəbül-bəyan, c.5, səh.376 [33] Nümunə, c.24, səh.300 və c.9, səh.181 [34] Əl-Mizan, c.8, səh.191 [35] Əl-Mizan, c.8, səh.192 [36] Əl-Mizan, c.8, səh.195 [37] “Əl-Mizan” təfsirinə istinadən, c.8, səh.195 [38] Nümunə, c.10 ,səh.295 [39] Nümunə, c.7, səh.88 [40] Nümunə, c.10, səh.298 [41] Qamusi-Quran, “fəth” sözü [42] Məcməül-bəyan, c.4, səh.305 [43] Nümunə, c.6, səh.266 [44] Təfsiri-mövzui, c.11, səh.154 [45] Nümunə, c.6, səh.266 [46] Nümunə, c.6, səh.273 [47] Kafi, c.2, səh.94 [48] Nümunə ,c.6, səh.272 [49] Ətyəbül-bəyan, c.5, səh.408 [50] Əl-Mizan, c.8, səh.218 [51] Ətyəbül-bəyan, c.5, səh.412 [52] Nümunə, c.6, səh.292 [53] Nümunə, c.6 ,səh.293 [54] Nəhcül-bəlağə, 4-cü xütbə [55] Nümunə, c.6, səh.300 [56] Nümunə, c.6, səh.305 [57] Əl-Mizan, c.8, səh.227 [58] Nümunə, c.6, səh.309 [59] Nümunə, c.6, səh.316 [60] Ətyəbül-bəyan, c.5, səh.435 [61] Əl-Mizan, cş8 ,səh.233 [62] Əl-Mizan, cş8 ,səh.233 [63] Əl-Mizan, c.8, səh.238 [64] Nümunə, c.6, səh.340 [65] Nümunə, c.6, səh.343 [66] Nümunə, c.6, səh.356 [67] Nümunə, c.6, səh.363 [68] Nümunə, c.6, səh.363 [69] Nümunə, c.6, səh.264 [70] Nümunə, c.6, səh.371 [71] Nümunə, c.6, səh.376 [72] Nümunə, c.6, səh.377 [73] Nümunə, c.6, səh.399 [74] Əl-Mizan, c.8, səh.277 [75] Nümunə, c.6, səh.391 [76] Əl-Mizan, c.8, səh.279 [77] Nümunə, c.2, səh.393 [78] Əl-Mizan, c.8, səh.295 [79] Mənşuri-cavid,c.7, səh.248 [80] Nümunə, c.6, səh.400 [81] Əl-Mizan, c.8, səh.290 [82] Nümunə, c.6, səh.411 [83] Nümunə, c.6, səh.412 [84] Nümunə, c.6, səh.418 [85] Nümunı, c.6, səh.419 [86] Nümunə, c.6, səh.422 [87] Nümunə, c.6, səh.423 [88] Nümunə, c.6, səh.430 [89] Nümunə, c.6, səh.430 [90] Təfsiri-Qummi, c.1, səh.247 [91] Nümunə, c.7, səh.4 [92] Əl-Mizan, c.8, səh.342 [93] Nümunə, c.7, səh.19 [94] Nümunə, c.7, səh.28-32 [95] Nümunə, c.7, səh.46 [96] Pəyame-Quran, c.7, səh.254 [97] Nümunə, c.7, səh.51 [98] Məcməül-bəyan, c.4, səh.415 [99] Nümunə, c.7, səh.62 [100] Əl-Mizan, c.8, səh.389 [101] Nümunə, c.7, səh.67 [102] Nümunə, c.7, səh.70

QURANI KƏRIM 23.12.2024

“Ənam” surəsi

“Ənam” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Həmd göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha məxsusdur! Lakin kafirlər öz Rəblərinə bənzər və şərik qoşurlar. (Halbuki dünya Onun təkliyini sübut edən dəlillərlə doludur.) Sizi palçıqdan yaradan, sonra əcəl (bir müddət) təyin edən Odur. Allahın yanında qaçılmaz bir əcəl də vardır. Bütün bunlara baxmayaraq, siz yenə də şübhə edirsiniz! Göylərdə və yerdə Allah yalnız Odur![1] Sizin gizlində və aşkarda nəyiniz varsa, nə edirsinizsə (hamısından) xəbərdardır! Onlara Rəblərinin ayələrindən elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər! Onlara haqq gəldiyi zaman onu yalan hesab etdilər. Ancaq tezliklə məsxərəyə qoyduqlarının xəbərləri onlara gəlib çatacaq! (Əməllərinin nəticəsindən xəbərdar olacaqlar.) Məgər onlardan əvvəl neçə-neçə ümməti məhv etdiyimizi görmədilərmi? Onlara sizə vermədiyimiz imkanları (qüvvəti) vermişdik. Onlara bol yağışlar göndərmiş, (evləri, sarayları və bağ-bağatlarının) altından çaylar axıtmışdıq. Onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq. Əgər sənə kağız üzərində bir məktub nazil etsək və onlar əlləri ilə ona toxunmuş olsalar belə, kafirlər yenə də: “Bu, açıq-aşkar bir sehrdir”, – deyərlər. Onlar dedilər: “Nə üçün ona bir mələk endirilmədi?” Əgər Biz bir mələk göndərsək, iş bitmiş olacaq və onlara möhlət verilməyəcək. —————————————————————————————– “Ənam” surəsinin ümumi məzmunu: Təkallahlıq inancı və şirkin inkar edilməsi bu surənin əsas məzmununu təşkil edir. Allahın tək olduğuna inanmaq deyilərkən insanın Rəbbinin bütün aləmlərin Rəbbi olması, hər şeyin Onun tərəfindən gəlməsi və Ona tərəf qayıdacağı, bəndələrini haqq dinə doğru yönəltmək üçün onlara Allahın rəhmət müjdəsini verən, qəzəb və əzabı ilə qorxudan peyğəmbərlər göndərdiyinə inanması nəzərdə tutulur. Bu surənin ayələrinin çoxu müşriklərə qarşı yönəlmiş dəlillərdən, təkallahlıq, məad (ölüb-dirilmək) və peyğəmbərlik prinsiplərindən bəhs edir. Əlbəttə, dini vəzifələrə və qadağalara da ümumi şəkildə işarə edilir[2]. İşıq və zülmət: Bu ayədən belə başa düşülür ki, nur Allahın məxluqu olduğu kimi, zülmət də onun məxluqudur. Halbuki görkəmli filosof və alimlər hesab edirlər ki, zülmət işığın olmamasıdır. Yəni zülmət və qaranlıq öz-özlüyündə mövcud olmur, onu yaratmaq da olmaz. Bəs o zaman nə üçün bu ayədə zülmət Allahın yaratdıqlarından hesab edilmişdir? Əvvəla, onu qeyd etməliyik ki, zülmət deyilərkən hər zaman qaranlıq nəzərdə tutulmur. Adətən gur və güclü işıq qarşısında çox zəif olan işığa da zülmət deyilir. Deməli, ayənin məzmunundan belə başa düşülür ki, Allah insanlar üçün gündüzün işığını və gecənin qaranlığını (güclü və zəif işıq) yaradıb. Belə olan halda, zülmət burada Allahın yaratdıqlarından olur. İkincisi, mütləq zülmətin yoxluq olması düzgündür. Lakin mövcud olmayan bir anlayışın xüsusi bir şəraitdə var olan anlayışdan qaynaqlanması danılmazdır. Yəni mütləq zülməti xüsusi bir şəraitdə müəyyən məqsədlər üçün yaradan insan mövcudluq vasitələrindən istifadə etməlidir. Məsələn, biz çəkilmiş şəkili çıxartmaq üçün bir neçə anlığa otaqda qaranlıq yaratmaq istəsək, bir neçə anlığa işığın qarşısını kəsməliyik. Belə olan halda zülmət də yaranmış hesab edilir[3]. Əcəl və onun növləri: Şübhəsiz ki, burada “əcəl” və “qaçılmaz əcəl” fərqli-fərqli anlayışlardır. Buna görə də təfsirçilər bu fərqlər haqqında mübahisələr etmişlər. Ayələr və Əhli-beyt (ə) hədislərindən belə məlum olur ki, bu ikisinin fərqi ondadır ki, əcəl təklikdə qaçılmaz olmayan ömür, vaxt və müddətə deylir, qaçılmaz əcəl isə qaçılmaz olan ömür və müddətə deyilir. Başqa sözlə desək, qaçılmaz əcəl təbii ölüm, əcəl isə tez baş verən ölümə deyilir. Yəni insanın yaşaması və ömür sürməsi üçün lazım olan bütün şərtlər mövcud olarsa və bütün maneələr aradan qalxarsa, bədən quruluşu onun uzun müddət (məsələn, 80 il) yaşamasını təmin edə bilər. Lakin qəza və ya intihar səbəbilə insan 40 yaşında ölə bilər. Deməli 80 yaş qaçılmaz əcəl, 40 yaş isə əcəldir. Əcəlin bu iki növünün mənasına aydınlıq gəldikdən sonra bir çox məsələlər məlum olur. Hədislərdə oxuyuruq ki, qohumları ziyarət ömrün uzanmasına, qohumlarla əlaqənin kəsilməsi ömrün qısalmasına səbəb olur. Burada əcəl və ömür deyilərkən qaçılmaz olmayan əcəl nəzərdə tutulur. İstənilən halda hər iki əcəlin Allah tərəfindən təyin edildiyini nəzərdən qaçırmamalıyıq. Bunlardan biri qeyd-şərtsiz, digəri isə müəyyən şərtlər çərçivəsində baş verir. Nümunə üçün deyə bilərik ki, bu işıq heç bir qeyd-şərtsiz iyirmi saatdan sonra sönəcək. Ancaq tufan qopa və həmin işıq iki saatdan sonra sönə bilər. Allah-taala insanlar və millətlərin də heç bir maneə olmayacağı təqdirdə müəyyən zamana qədər yaşamasını istəyir. Amma ortaya hər hansı maneə (günah, tənbəllik, səhlənkarlıq) çıxdıqda müəyyən edilmiş zamandan əvvəl sıradançıxma baş verə bilər[4]. Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik, hökmən onu bir insan qiyafəsində göndərər və onlar başqalarını şübhəyə saldıqları kimi, Biz də onları şübhəyə salardıq. (Narahat olma.) Səndən əvvəlki peyğəmbərləri də məsxərəyə qoymuşdular. Lakin onları məsxərəyə qoyduqlarının özü məhv etdi. De: “Yer üzünü dolaşın və sonra görün ki, (ilahi ayələri) yalan hesab edənlərin aqibəti necə oldu?!” De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O, rəhimli olmağı Özünə vacib etmişdir. Olacağına heç bir şək-şübhə olmayan Qiyamət gününə sizi şübhəsiz ki, toplayacaqdır. Yalnız özlərinə ziyan vuranlar, iman gətirməzlər! Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, eşidəndir, biləndir. De: “Mən göyləri və yeri yaradan, hamını yedirdib Özü yeməkdən uzaq olan Allahdan başqasını özümə rəhbər və himayəçimi seçim?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və (Allah mənə) müşriklərdən olma!” (deyə əmr etdi). De: “Əgər mən Rəbbimə asi olsam, böyük günün (Qiyamət gününün) əzabından qorxaram”. O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (zəfərdir). Əgər Allah sənə bir sıxıntı versə, (səni Ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir! O, Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! ——————————————————————————————– Peyğəmbərin insanlarla eyni cinsdən olması: Bu ayəyə əsasən, insanlara rəhbərlik etməsi və onlara nümunə olması üçün peyğəmbərin insanlardan olması, bütün insani xüsusyyətlərə və instinktlərə malik olması vacibdir. Çünki mələk insanların gözünə görünməməklə yanaşı, əməli cəhətdən onara nümunə də ola bilməz. Çünki nə onların ehtiyac və dərdlərindən xəbərdardır, nə də instinkt və istəkləri ilə tanışdır. Buna görə də insanlara rəhbərlik etmək üçün uyğun deyil. Bilməliyik ki, “hökmən onu bir insan surətində göndərərdik” cümləsində təkcə insanın zahiri forması nəzərdə tutulmamışdır. Bu cümlə onun həm zahirən, həm də daxilən insan olmasını ifadə edir. Sonra Allah onların “nə üçün insanı rəhbər təyin edib həqiqəti bizdən gizlətdin?”, – deyə yenə də öz əvvəlki etirazlarında qaldıqlarını bildirir[5]. Qayıdış, ilahi rəhmətin vacib şərtidir: Allah-taala “rəhmət və bağışlamağı Özünə vacib etmişdir” cümləsi ilə qayıdış və ölümdən sonrakı dünyanın olması mövzusuna toxunmuşdur. Rəhmət və bağışlamağı Özünə vacib etmiş Allah ölümün insanların həyatına son qoymasına, təkamülün və həyatın davam etməməsinə icazə verərmi? Bu, Onun sonsuz rəhməti ilə uyğunluq təşkil edirmi? O, sahibi və hamisi olduğu bəndələrinə qarşı rəhimsizlik göstərib bir müddətdən sonra onları puçluğa və heçliyə məhkum edərmi? Şübhəsiz ki, xeyr. Onun geniş rəhməti varlıqların, xüsusilə insanın təkamül yolunda irəliləməsini tələb edir. Allah-taala Öz rəhməti sayəsində kiçik və dəyərsiz bir toxumu qol-budaqlı, məhsuldar bir ağaca və gözəl bir gülə, lütfkarlıq edib çox qiymətsiz bir nütfəni kamil bir insana çevirdiyi kimi, bu rəhməti Onun əbədi həyat və qalıcılıq qabiliyyəti olan insanı öldükdən sonra daha böyük bir aləmin həyat libasına bürüməsini, bu əbədi təkamül yüksəlişində rəhmət əlini onun çiyninə qoymasını tələb edir. Burada deyə bilərik ki, əbədi həyat yalnız rəhmətə layiq görülmüş insanlar üçündür. Lakin qeyrilərinin nəsibi yalnız bədbəxtlik və sıxıntı olacaq. Şübhə yoxdur ki, Allahın işi insanlar üçün rəhmət zəmini yaratmaqdır. O, insanı yaradıb ona ağıl verdi, onu yönləndirmək, ona rəhbərlik etmək üçün peyğəmbərlər göndərdi, müxtəlif nemətlər bəxş etdi, əbədi həyata doğru gedən yolu hər kəsin üzünə açdı. Bunlar hamısı istisnasız rəhmətdir. İndi əgər insan bu rəhmət vasitələrinin nəticə verməsi istiqamətində irəliləməyib yolunu əyərsə, bütün rəhmət vasitələrini özünə işkəncə və zəhmətlə əvəz edərsə, bu davranış əsla həmin rəhmət vasitələrinə xələl gətirə bilməz. Bütün qınaqların hədəfi rəhmət vasitələrini əzaba çevirən insandır[6]. Həqiqi müflislər: Bu ayədə maraqlı bir ifadə işlədilmişdir. Bəzən insan malını, vəzfəsini və ya bu sərmayələrindən birini itirir. Qeyd olunan məqamlarda insanın itirdikləri onun varlığının tərkib hissəsini təşkil etmir. Lakin ən böyük və həqiqi ziyan insanın əsl varlığını itirməsidir. Haqq düşmənləri və inadkar insanlar ömür, ağıl, fitrət, haqq yolunda istifadə ediləcəyi təqdirdə, insanı kamilliyin layiqli zirvəsinə qaldıra biləcək bütün fiziki və mənəvi nemətləri tamamilə itirirlər. Nəticədə, nə sərmayə qalır, nə sərmayədar. Bu ifadəyə Quranın bir çox ayələrində rast gəlmək olar. Bunlar haqqı inkar edənlərin və çirkaba bulaşmışların acı sonunu açıb göstərən təkanverici məzmunlardır[7]. De: “Ən üstün şahidlik kimin şahidliyidir? (Özün də cavab ver və) de: Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və onun yetişəcəyi bütün insanları xəbərdar edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğunamı şahidlik edirsiniz?” De: “O, tək bir tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan uzağam!” Kitab verilmiş şəxslər onu (Mühəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Yalnız varlıqlarının sərmayəsini əllərindən vermiş şəxslər iman gətirməzlər! Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar! O gün (Qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “Allaha tay tutduğunuz tanrılarınız haradadır?! (Nə üçün köməyinizə gəlmirlər?!) Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq. Gör onlar özlərinə necə yalan deyirlər! Yalandan Allaha tay tutduqlarını da əldən verəcəklər! Onların bir qrupu səni dinləyər, lakin onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar bütün doğru əlamətləri görsələr də, ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə: “Bunlar qədimlərin əfsanələrindən başqa bir şey deyildir!”, – deyərlər. Onlar digərlərini ondan (Qurandan) uzaqlaşdırar, özləri də ondan uzaq durarlar. Onlar yalnız özlərini məhv edər, amma anlamazlar. Kaş odun qarşısında dayandıqları zaman sən onların: “Kaş ki, (yenidən dünyaya) qaytarıla, Rəbbimizin ayələrini yalan hesab etməyə və möminlərdən olaydıq!” – demələrini görəsən! ——————————————————————————————– Ən yüksək şahidlik: Şahdliyn iki əsas şərti var: 1. Məlumatdan olduğu kimi xəbərdar olmaq; 2. Açıq-aydın şəkildə ifadə etmək. Buradan belə başa düşülür ki, fərdlərin şahidliyinin qiyməti onların məlumatı dərketmə miqyasından, məlumatı bəyan etmə gücündən və həmin məlumatın özünün aydınlıq dərəcəsi ilə ölçülür. Yaddaşı zəif olan adamla hafizəsi güclü olan insanın şahidliyi, ağlı başında olmayan insanla huşu başında olan adamın şahidliyi arasında böyük fərq var. nimfo.com Bütün varlıq aləmini yaratmış və onların bütün sirlərindən xəbərdar olan, bütün yaranmışların hakimi, yerdə və göylərdə heç bir zərrədən xəbərsiz olmayan bir varlığın şahidliyi ən böyük və ən mühüm şahidlikdir. Allahın tək olması əqli dəlillərlə sübuta yetsə də, Quranın Allah tərəfindən nazil olması bizə qəti şəkildə aydın olduğu və Allah-taala Özünün Quranda tək olduğunu şahidlik etdiyi üçün bu şahidliyi qəbul edir və ona istinad edirik. İmam Baqir (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Müşriklər İslamın ilk illərində, yəni Peyğəmbər (s) Məkkədə olduğu vaxt, ona dedilər: “Ey Mühəmməd, Allah bizə peyğəmbər göndərmək üçün səndən başqa adam tapmadı ki, səni göndərdi? Düşünmürük ki, kimsə sənin dediklərini təsdiq etsin. Biz sənin haqqında yəhudi və xristianlardan soruşduq. Onlar da məlumatsız olduqlarını bildirib dedilər: “Bizdə olan kitablarda o kişi haqqında məlumat verilməyib.” Buna görə də öz peyğəmbərliyin üçün bir şahid gətirməlisən.” Peyğəmbər (s) buyurdu: “Allah mənimlə sizin aranızda şahiddir.”[8] İslam peyğəmbərinin (s) çağırışının cahanşümul olması: Ayənin “bu Quran mənə sizi və onun yetişəcəyi bütün insanları xəbərdar edib qorxutmağım üçün vəhy olundu” cümləsi İslam peyğəmbərinin (s) peyğəmbərliyinin Qiyamətə qədər cahanşümul və ümumbəşəri olacağını göstərir. Yəni Peyğəmbərin (s) zamanından başlayaraq, Quranı onun özündən eşidib-eşitməməsindən, dillərinin Quran dili ilə eyni olub-olmamasından asılı olmayaraq, bütün insanlar İslam peyğəmbərinin (s) dininə və Qurana tabe olmalıdırlar. Çünki Quran ərəbdillilər üçün qanun kitabı olduğu kimi, tərcümə və təfsir vasitəsilə ərəbdilli olmayanlar üçün də qanundur. Tarixi mənbələrin yazdığına görə, Peyğəmbər (s) məktublar vasitəsilə ərəbdilli olmayan Misir, Həbəşistan, Roma və İran dövlətlərinə xəbər göndərib onları İslama dəvət etmişdir. Bundan əlavə, İslamın ilk illərində ana dilləri Quranın dili ilə fərqlənən bəzi insanlar İslamı qəbul etmişdilər. Salman Farsi, Bilal Həbəşi və Süheyb Rumini misal göstərmək olar. İmam Sadiq (ə) bu ayəni təfsir edərkən belə buyurmuşdur: “Yəni hansı dildə olurlarsa olsunlar.”[9] Kitab əhlinin Peyğəmbəri (s) tanıması: Deyilənə görə, ikinci xəlifə Ömər ibn Xəttab müsəlman olmazdan əvvəl bir gün yəhudilərin böyük alimlərindən olmuş Abdullah ibn Salama deyir: “Mühəmmədi öz kitabınıza əsasən (Tövratdan) tanıyırsınızmı?” O deyir: “And olsun Allaha, öz uşaqlarımızı başqa uşaqların arasında görüb tanıdığımız kimi, onu da sizin aranızda görən kimi Allahın bizə xəbər verdiyi xüsusiyyətlər əsasında tanıyırıq. Abdullah ibn Salamın and içdiyi Allaha and içirəm ki, Mühəmmədi oğlumdan yaxşı tanıyıram.”[10] (Onlar, əslində, peşman deyillər.) Sadəcə, daha öncə gizlətdikləri əməllər və niyyətlər qarşılarına çıxıb. Əgər geri qaytarılsalar, yenə qadağan olunduqları əməllərə dönərlər. Onlar yalançıdırlar! Yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Biz (öldükdən sonra) əsla qaldırılmayacağıq!” – deyərlər. Onları Rəblərinin hüzurunda durduqları zaman görəsən! Allah onlara belə buyuracaq: “Bu, doğru deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun (ki, bu, doğrudur!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə dadın əzabı!” Allahın hüzurunda duracaqlarını inkar edən kimsələr, həqiqətən, ziyana uğramışlar. Belə ki, saat (Qiyamət vaxtı) qəflətən onları yaxaladığı zaman günahlarını çiyinlərində daşıyaraq deyəcəklər: “Vay olsun bizə, ona səhlənkar yanaşdıq!” Çiyinlərində necə də pis bir yük olacaq! Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət evi müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz? Biz bilirik ki, onların danışdıqları səni kədərləndirir. Əslində, onlar səni yalançı hesab etmirlər, zalımlar Allahın ayələrini inkar edirlər. Səndən əvvəl də peyğəmbərləri yalançı hesab etmişdilər. Lakin Bizim köməyimiz yetişənə qədər onlar yalançı hesab edilmələrinə dözdülər, səbir etdilər, əziyyətlər çəkdilər. (Sən də belə ol! Bu, Allahın dəyişməz qanunlarından biridir.) Allahın qanunlarını heç nə dəyişə bilməz! Peyğəmbərlərə aid xəbərlər sənə gəlib çatıb. Onların üz döndərməsi sənə ağır gəlirsə, bacarırsansa, yerə bir lağım at və ya göyə bir nərdivan qoy (yerin dərinliklərini və göyləri axtarıb onlara) bir möcüzə gətir! Əgər Allah istəsə, onları doğru yola toplayar. Elə isə əsla bilməyənlərdən olma! —————————————————————————————— Həqiqətləri gizlətmək insanın özünü arxayın və rahat hiss etməsi üçün bir vasitədir: “Qarşılarına çıxdı” cümləsindən belə başa düşülür ki, onlar bir sıra həqiqətləri təkcə insanlardan deyil, özlərindən də gizləyirlər. Qiyamət günü bu həqiqətlər üzə çıxacaq. Süni də olsa rahatlıq tapmaq üçün insanın hər hansı həqiqəti hətta özündən də gizlətməsi, vicdan və fitrətinin üzərini örtməsi təəccüblü deyil. Vicdanı aldatmaq və həqiqətləri özündən gizlətmək vicdanın fəaliyyətinə aid mövzularda diqqət mərkəzində olan məsələlərdəndir. Məsələn, ehtiras və tamah düşkünü olan bir çox insanların ehtiras və tamahları ucbatından çox böyük ziyana düşdüklərini gördükləri halda, heç nə olmamış kimi arxayınlıqla öz işlərinə davam etdiklərinin, hətta bu bilgini bir növ özlərindən də gizli saxlamağa çalışdıqlarının şahidi oluruq[11]. Əgər cəhənnəmliklər dünyaya qayıtsalar, yenə də Cəhənnəmin yolunu tutarlar: Təfsirçilər “əgər geri qaytarılsalar, yenə qadağan olunduqları əməllərə dönərlər” cümləsini izah edərkən bildirirlər ki, bu cümlə çirkin və murdar xüsusiyyətlərin dünyada onların varlıqlarına kök salacaq şəkildə təsir etdiyindən xəbər verir. Onları dünyaya qayıtmaq, Allaha iman gətirmək və möminlərin sırasına daxil olmaq arzusuna düşməyə vadar edən amil tərk etdikləri həqiqətin aşkara çıxmasıdır. Həmin həqiqət özünü bütün cəhətləri ilə, yəni Qiyamət gününün əzabı formasında biruzə verir. Gizli və mənəvi həqiqətlərin qeyd olunan şəkildə aşkara çıxması axirət dünyasının zərurətlərindəndir. Lakin onlar bu həqiqətləri gördükdən sonra dünyaya qayıtsalar, dünyanın spesifik qanunları onlara yenidən hakim kəsiləcək, yəni qeyb aləminin üzərinə yenidən pərdə çəkiləcək, onlara azadlıq və ixtiyar veriləcək. Bu azadlıq və ixtiyar yenidən nəfsani istəklər, Şeytanın vəsvəsəsi, heyvan xisləti, təkəbbür və itaətdən boyun qaçırma ilə müşayiət olunacaq. Sözügedən insanlar nəticədə, öz keçmiş şirklərinə, Haqla olan düşmənçiliklərinə qayıdacaqlar. Həqiqətdə, onlar yenidən dünyaya qayıtsalar, onları daha öncə dünyada şirkə, Haqla düşmənçiliyə və Allahın ayələrini yalan hesab etməyə vadar edən amillər yenidən onları eyni əməllərə vadar edəcək. Keçmiş dünya ilə fərz edilən gələcək dünyanın hökmləri arasında heç bir fərq olmayacaq[12]. Dünya həyatının oyun və əyləncəyə bənzədilməsi: Dünya həyatı oyun və əyləncəyə ona görə bənzədilir ki, oyun və əyləncələr adətən əsası olmayan, həqiqi həyat kontekstindən uzaq olan məşğuliyyətlərdən ibarət olur. Oyunun nə qalibləri, nə də məğlubları həqiqi qalib və məğlublar olmurlar. Çünki oyundan sonra hər şey öz yerinə qayıdır. Çox vaxt uşaqların oynamaq üçün bir yerə toplaşıb birini şah, digərini vəzir etdiyinin şahidi oluruq. Amma çox çəkmir ki, nə şahdan, nə də vəzirdən bir əsər-əlamət qalmır. Əyləncə üçün hazırlanmış tamaşalarda döyüş, eşq və düşmənçilik səhnələrinin canlandırıldığının, lakin bir saatdan sonra heç birindən əsər-əlamət qalmadığını görürük. Dünya bir tamaşa səhnəsinə bənzəyir ki, insanlar onun oyunçularıdırlar. Bəzən bu uşaq oyunu hətta ağıllı insanları da özünə məşğul edir. Lakin çox çəkmir ki, bu əyləncə və tamaşanın sona çatdığı elan edilir. Məlumdur k, bu ayələrin məqsədi maddi dünyanın zahiri təmtərağına ürək bağlayıb son məqsədin yaddan çıxarılmasına qarşı mübarizədir. Yoxsa ki, dünyanı özləri üçün xoşbəxtlik vasitəsi seçmiş insanlar dünya deyil, axirət axtarışındadırlar[13]. (Sənin dəvətini) yalnız eşidən qulaqları olanlar qəbul edər. (İnsanlıq ruhunu itirmiş, buna görə iman gətirməyən) ölüləri Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılarlar. (Məkkə müşrikləri) dedilər: “Nə üçün Rəbbi tərəfindən ona (Peyğəmbərə) bir möcüzə endirilmir?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onların çoxu (belə bir möcüzə göndərildikdə onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti) bilməz! Yerdə gəzən elə bir canlı, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar Rəblərinin hüzuruna toplanacaqlar. Ayələrimizi yalan hesab edənlər zülmətlər içində qalmış karlar və lallardır. Allah istədiyini (layiq olanı haqq yoldan) azdırar, istədiyini (layiq gördüyünü) isə düz yola yönəldər. De: “Əgər doğru danışanlarsınızsa, mənə deyin görüm, sizə Allahın əzabı gəlsə və ya Qiyamət başınızın üstünü alsa, Allahdan başqasınımı çağıracaqsınız?” Xeyr, yalnız Ona dua edib yalvaracaqsınız. O, əgər istəsə, yalvarıb xilas olmaq istədiyiniz bəlanı aradan qaldırar, siz də bu gün Allaha şərik qoşduğunuzu (həmin gün) unudarsınız. Səndən əvvəlki ümmətlərə (peyğəmbərlər) göndərdik. (Həmin peyğəmbərlərə qarşı çıxıb onları inkar etdikləri zaman) onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə (ayılıb, Haqq qarşısında) təslim olub təvazökarlıq göstərsinlər. Bəs əzabımız onların başlarının üstünü alanda nə üçün (təvazökarlıq göstərib) təslim olmadılar? Əksinə, (inadları üzündən) qəlbləri sərtləşdi və Şeytan da onlara etdikləri əməlləri süslü göstərdi. Onlara edilmiş xəbərdarlıqları unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Onlara verilən nemətlərə (tam) sevindikləri vaxt onları qəflətən yaxaladıq (ciddi şəkildə cəzalandırdıq) və onlar məyus oldular (ümid qapıları üzlərinə bağlandı). ————————————————————————————– Canlılar şüurlu varlıqlardır: Ayənin ərəbcə orijinalında işlənmiş “üməm” sözü “ümmət” sözünün cəmidir. “Ümmət” ortaq taleyi olan cəmiyyət və qrupa deyilir. Məsələn, vahid din və ya dil vahid xüsusiyyətlərə malikdir. Bu ayədə buyurulur ki, heyvan və quş növlərinin hər biri öz-özlüyündə insanlar kimidir. Lakin bu bənzərliyin hansı cəhətdən olması ilə bağlı təfsirçilər arasında fikir ayrılıqları vardır. Digər ayələr və Əhli-beyt (ə) hədisləri onların bu ayədə insanlara əqli və şüuri cəhətdən bənzədildiyini deməyə əsas verir. Yəni onlar da öz aləmlərində bilgiyə, şüura və idraka malikdirlər, Allahı tanıyırlar. Şüuri cəhətdən onlar insan şüurunun ən aşağı səviyyəsinə malik olsalar da, öz gücləri daxilində Allaha həmd və təsbih deyirlər. Ayənin son hissəsi (sonra onlar Rəblərinin hüzuruna toplanacaqlar) də bu fikri təsdiq edir. Yəni heyvanlar üçün də ölüb-dirilmək və Qiyamət var. Şübhəsiz ki, hesab-kitabın, mükafatlandırma və cəzalandırmanın birinci şərti ağıl və şüur, ardınca isə vəzifə və məsuliyyətdir. Bu inancın tərəfdarları iddia edirlər ki, heyvanların da öz səviyyələrinə uyğun dərk və idraka malik olduğunu göstərən faktlar var. Bir çox heyvanların yüksək və heyrətamiz sistemə malik olan həyat tərzi onların şüur və dərklərinin yüksək səviyyədə olduğundan xəbər verir. Qarışqalar, arılar, quşlar, bir çox başqa heyvanların mürəkkəb həyat tərzi və heyrətamiz ictimai sistemi bu fikri təsdiq edr. Bir çox heyvanların öz sahiblərinə qarşı olan sevgisi və sədaqəti də qeyd olunan fikri gücləndirir. Şübhəsiz ki, bunların hamısının yalnız instinktdən qaynaqlandığını söyləmək olmaz. Çünki instinkt adətən monoton və davamlı fəaliyyətlərin qaynağıdır. Lakin xüsusi şəraitdə öncədən proqnozlaşdırıla bilməyən və əsasən reaksiya səciyyəsi daşıyan davranışlar instinkt deyil, şüur və dərk əsaslı olur. Bunlardan əlavə, Quranın bir sıra ayələrini də bəzi heyvanların şüur və dərkə malik olduğunu göstərən qətiyyətli dəlillər hesab etmək olar. Qarışqaların Süleymanın (ə) ordusunun qarşısından qaçması, şanapipiyin Səbə və Yəmənə gəlməsi və oradan Süleymana (ə) həyəcanverici xəbərlər gətirməsindən bəhs edən ayələr bu iddianı təsdiq edir. Hədislərdə də heyvanların öldükdən sonra diriləcəyindən xəbər verilir. Əbuzərə istinad edilən bir hədisdə deyilir: Peyğəmbərin (s) yanında idik. İki keçi kəllələşdi. Peyğəmbər (s) buyurdu: “Bilirsiniz, onlar nə üçün kəllələşdilər?” Orada olanlar: “Xeyr”, – deyə cavab verdilər. Peyğəmbər (s) buyurdu: “Ancaq Allah bilir və tezliklə onlar arasında hökm çıxaracaq.” Burada ortaya belə bir sual çıxır, vəzifə və məsuliyyətin başlıca səbəbi ağıl olduğu halda, ortaya belə bir sual çıxır ki, onlar da insanlar kimi gördükləri işlərə görə məsuliyyət daşıyırlar? Halbuki uşaqlar, əqli və ruhi xəstələrin məsuliyyətdən azad olduqlarını bilirik. Qeyd etməliyik ki, vəzifə və məsuliyyətin mərhələləri var və hər bir mərhələ özünə uyğun olan ağıl və idrakın olmasını tələb edir. İslamda insanlar üçün o qədər vəzifələr müəyyənləşdirilib ki, yüksək ağıl və idrak olmadan onları yerinə yetirmək mümkün deyil. Biz bu cür vəzifələri heyvanlar üçün qəbul edə bilmərik. Çünki onlar bu vəzifələrin yerinə yetirilməsi üçün lazım olan əqli səviyyəyə malik deyil. Sadə və ən aşağı vəzifə üçün müəyyən şüur və dərkin olması yetərlidir. Heyvanların müəyyən şüur səviyyəsinə malik olduğunu və ona uyğun vəzifə daşıdığını tamamilə inkar edə bilmərik. Belə ki, nə qədər ibtidai olsa da, uşaqlar və dəlilərdən də öz hədlərində davranış tələb edilir. Gözləntinin əksi baş verdikdə, onar da cəzalandırılırlar[14]. Artıq o zalım tayfanın kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur! De: “Bir deyin görüm, əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əlinizdən alsa, ürəklərinizə möhür vursa, onları sizə Allahdan başqa kim verə bilər?” Gör Biz ayələrimizi onlara necə izah edirik, sonra onlar gör necə üz döndərirlər?! De: “Bir deyin görüm, əgər Allahın əzabı sizə qəflətən (gizli) və ya aşkar gəlsə, zalım tayfadan başqası həlak edilərmi?” Biz peyğəmbərləri ancaq müjdə verənlər və (əzabla) qorxudanlar olaraq göndərdik. İman gətirib özlərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! Ayələrimizi yalan hesab edənlərə isə itaətszlik göstərdiklərinə görə əzab yetişəcəkdir! De: “Mən sizə demirəm ki, Allahın xəzinələri mənim yanımdadır. Mən (Allahın mənə öyrətdikləri istisna olmaqla) qeybdən də xəbərdar deyiləm və sizə də demirəm ki, mən mələyəm. Mən yalnız mənə vəhy edilənə tabe oluram”. De: “Kor ilə görən bir olarmı? Məgər düşünmürsünüz?” Rəblərinin hüzuruna toplanacaqlarından qorxanları onun (Quranın) vasitəsilə xəbərdar et. (Həmin gün) Onların Allahdan başqa heç bir hamisi və havadarı olmayacaq. Bəlkə onlar (bununla) pis əməllərdən çəkinsinlər! Səhər-axşam Allahı çağıran və yalnız Onun Özünü istəyənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin (verəcəyin) hesabatında azca da olsa cavabdehdirlər. Buna görə də onları qovsan, zalımlardan olarsan. ————————————————————————————— Zülm və zülmkarlığın kökünün kəsilməsi: Ayənin son hissəsində Allah-taala “həmd aləmlərin Rəbbinə məxsusdur”, – deyə buyurmuşdur. Bu da zülm, fəsad və zülmkarların kökünün kəsilməsinin həmd və şükür ediləcək qədər əhəmiyyətli olduğunu göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Zülmkarların qalmasını istəyən şəxs Allaha günah edilməsini istəyən şəxs kimidir. Allah-taala zalımların məhv edilməsinə görə Özünə tərif deyərək buyurmuşdur: “Artıq o zalım tayfanın kökü kəsildi. Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur!”[15] Müasir dünyada bu ayənin nümunələrindən biri açıq-aşkardır. Nəmrud, Firon, Əbu Cəhl, Əbu Süfyan, Müaviyə, Yezid və Əhli-beyt (ə) düşmənlərinin nəslindən əsər-əlamət yoxdur. Lakin bütün məzlumluqlarına baxmayaraq, Əhli-beyt (ə) ailəsi bütün İslam ölkələrində mövcuddur və günbəgün sayları da artmaqdadır[16]. Qeyb elmi: Təfsirçilərin qənaətinə görə “mən (Allahın mənə öyrətdikləri istisna olmaqla) qeybdən də xəbərdar deyiləm” cümləsi onu göstərir ki, Peyğəmbər (s) qeybdən özbaşına, müstəqil şəkildə xəbərdar olmur. Yəni o həzrətin zatı onu başqalarının bilmədiyi məlumatlardan xəbərdar edəcək qüvvə ilə təchiz edilməmişdir. Məhz elə bu ayədə Peyğəmbərə (s) vəhy edildiyi qeyd edilmişdir. Bu da onu göstərir ki, o, qeybdən vəhy vasitəsilə xəbərdar olur. “Cinn” surəsinin 26-27-ci ayələrində Allah-taala belə buyurmuşdur: “Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə əyan etməz; bəyənib seçdiyi peyğəmbərlərdən başqa!” Deməli, heç bir varlıq, o cümlədən Peyğəmbər (s) özbaşına qeybdən xəbərdar olmur. Lakin Peyğəmbər (s) Allahın izni, vəhy və ya Allahın istədiyi başqa bir vasitə ilə bəzi qeyb həqiqətlərindən xəbərdar olur[17]. İslam ictimai təbəqələşmə fikrinə qarşıdır: Bu, bundan əvvəlki və sonrakı ayələrin nazilolma səbəbi ilə bağlı bir-birinə oxşar çoxlu sayda hədis və rəvayətlər nəql edilmişdir. Onların birində deyilir: Bir qrup qüreyşli yoldan ötərkən Peyğəmbərin (s) Süheyb, Xubab, Bilal, Əmmar və bir neçə yoxsul müsəlmanla əyləşdiyini görüb təəccüblə soruşurlar: “Ey Mühəmməd, insanlar arasından yalnız bunlara razılıq vermisən? Allah bizim aramızdan elə bunları seçib? Biz bunlara tabe olaq? Nə qədər gec deyil, onları ətrafından uzaqlaşdır. Bəlkə biz ondan sonra sənə yaxınlaşa və sənə tabe olarıq.” Bu ayə nazil oldu və onların təklifini rədd etdi. İslam, Quran və peyğəmbərlər məktəbinin əzəmətini ifadə edən əlamətlərdən biri budur ki, onlar bu cür təkliflərə qarşı ciddi şəkildə mübarizə aparmış, sosial təbəqələşmənin hər zaman problem olduğu cəmiyyətlərdə mal və sərvətsizliyin Salman, Əbuzər, Süheyb, Xubab kimi təmiz, imanlı və zəkalı şəxslərə az da olsa qüsur gətirmədiyini, beyinsiz, kor, özünü bəyənmiş, təkəbbürlü, lovğa varlıların mal və sərvətlərinə görə ictimai və mənəvi imtiyaza malik olmadığını çatdırmaq üçün çalışmış, anormal imtiyaz düşüncəsinə qarşı çıxmışlar[18]. Beləliklə, onların bəzilərini bəziləri ilə (varlıları yoxsullarla) sınağa çəkdik ki, nəhayət “Allahın aramızdan seçib minnət qoyduğu (iman nemətini bəxş etdiği) şəxslər bunlardırmı?” desinlər. Şükür edənləri daha yaxşı tanıyan məgər Allah deyilmi? Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz rəhimli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!” Biz ayələrimizi belə müfəssəl izah edirik ki, (həqiqət sizin üçün aydın olsun və) günahkarların yolu açıq-aydın bilinsin. De: “Sizin Allahı qoyub ibadət etdiyiniz varlıqlara ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə olacağı təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!” De: “Mən Rəbbimdən (gələn) açıq-aydın bir dəlilə istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin (endirilməsinə) tələsdiyiniz hadisə (ilahi əzabı endirmək) mənim əlimdə deyil. Hökm yalnız Allaha məxsusdur. Haqqı batildən ayırır. O, ayırd edənlərin ən yaxşısıdır!” De: “Əgər tələsdiyiniz hadisə (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı. Ancaq, Allah zalımları daha yaxşı tanıyır (və tam vaxtında cəzalandırır)!” Qeybin açarları yalnız Onun yanındadır. Onları ancaq və ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) ondan xəbərdar olmasın. Yerin qaranlıqları içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın! ——————————————————————————————– Tövbənin həqiqəti: Bu ayədən aydın olur ki, mömin insan yalnız bilməzlik və başa düşməzlikdən ehtirasına tabe olduqda günaha yol verir. Yoxsa, imanlı şəxs təkəbbür, inad və lovğalıq üzündən Allaha günah etməz. Ayədə Allah “sonra tövbə edib düzəlsə”, – deyə buyurmuşdur. Bu da onu göstərir ki, tövbə keçmiş səhvləri düzəltmək və yanılşları aradan qaldırmaqdır. Çünki həqiqətən, Allaha dönüb Ona sığınıbsa, yenidən özünü tövbə edib təmizlədiyi günahın çirkinliyinin ağuşuna atıb bulaşdırmaz. Tövbənin mənası budur. Tövbə təkcə dildə “Allaha tövbə edirəm” deyib qəlbən heç bir islah və düzəlmək niyyəti olmadan tövbə sayılmaz. Belə ki, Allah-taala “Bəqərə” surəsinin 284-cü ayəsində belə buyurmuşdur: “Ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək”. İmam Sadiq (ə) buyurmuşdur: Ölməzdən əvvəl Allaha doğru qayıdıb tövbə edən bəndəyə Allah rəhmət etsin. Çünki bu tövbəsinə görə Allah Özünə layiqli bəndəsi ilə bağlı bir haqqı vacib edərək buyurmuşdur: “Rəbbiniz rəhimli olmağı Özünə vacib etmişdir. Sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə, (Allah onun günahından keçər, çünki) Allah bağışlayandır, mehribandır!” Habelə Allah-taala buyurmuşdur: “Pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmaq diləyən şəxs Allahın bağışlayan, mərhəmətli olduğunu görər.” (Nisa surəsi, 110-cu ayə)[19]. Bu ayəyə əsasən, cahillik üzündən baş vermiş əməllərə görə tövbə edildikdə, qəbul edilir. Bilməzlik mənasını verən cahillik bəzən elm və məlumatın qarşılığı kimi işlədilir. Bu söz bəzən məlumat və bilgisinin bilgi sahibinə heç bir təsir göstərmədiyi, məlumatsız insanlar kimi davranan, çirkin və pis işləri sanki onun çirkinliyindən xəbəri olmayan insan kimi həyata keçirən, onları gözəl və bəyənilən işlər kimi icra edən məlumatlı insan haqqında da işlədilir. Başqa sözlə desək, insanın çirkin və pis işlərlə bağlı dərk və düşüncəsi daxili istəklərininin əsarətinə məruz qaldıqda, üsyankar instinktlər ağıl və düşəncəsini öz təsiri altına aldıqda, ehtiras, qəzəb və nəfsani istəklər insanın həyat devizinə çevrildikdə onu cahil edir. Quranda və el arasında ağıl, elm və məlumatları olsa belə, bu cür insanlara cahil və nadan deyilir, nadanlıqlarından qaynaqlanan davranışlar cahil davranışlar hesab edilir. Nə etdiyini bilən və tutduğu əməlin çirkinliyindən xəbərdar olmasına baxmayaraq, ağıl və düşüncəsi nəfsani istəklərinin əsarətinə məruz qalmış gəncə də cahil və nadan deyilir. Bu şərhdən belə məlum olur ki, günahkar fərdin etdiyi çirkin əməllər iki qrupa bölünür: 1. Gənclik instinktlərinin təsirinə məruz qalmış gəncin nəfsani istəklərinə uyub tutduğu çirkin əməl. Bu əməl cahilcəsinə əməl olsa da, inadkarlıq və təkəbbürlükdən qaynaqlanmır. Buna görə də qəzəb və ehtiras odu söndükdən, cəhalət pərdəsi qalxdıqdan sonra tez peşman olur. Şübhəsiz ki, bu cür insanın tövbəsi qəbul olur və Haqqın rəhməti onu əhatə edir. 2. Nəfsani istəklər və instinktlərin təsirindən deyil, inadkarlıq və təkəbbürlükdən qaynaqlanan çirkin və pis işlər. Daxili xəyanət, təkəbbür bu cür insanı xoşagəlməz işlərə vadar edir. Bu xislət adətən insanın ömrünün sonuna qədər onunla birlikdə olur, gənclik dövrünün ehtrias və nəfsani istəklərinin odu sönsə də, o sönmür. Şübhəsiz ki, belə əməllər tövbə ilə sona yetmir, Allahın sonsuz rəhmətini qazandırmır[20]. Gecə (yuxuda) ikən sizi (sizin ruhunuzu, canınızı) alan, gündüz isə nə etdiyinizdən xəbərdar olan Odur. Sonra O, sizi gündüz (yuxudan) oyandırır. Məyyən olunmuş vaxt gəlib yetişənə qədər (bu vəziyyət davam edir). Sonra ona doğru qayıdacaqsınız və sonra da O, sizi etdiyiniz əməllərdən xəbərdar edəcəkdir. O, Öz bəndələri üzərində hakimi-mütləqdir. O, sizə mühafizəçilər təyin edir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını elçilərimiz alır. Onlar (bəndələrin ömür və əməllərinin hesabının qorunmasında) heç bir səhlənkarlığa yol verməzlər! Sonra (bəndələr) həqiqi rəhbərləri olan Allaha tərəf qaytarılar. Bilin ki, hökm və mühakimə Ona məxsusdur və O, ən sürətli haqq-hesab çəkəndir! De: “Son dərəcə təvazökarlıqla (aşkarda) və gizlində Ona dua edib: “Əgər bizi bundan (zülmətlərdən və təhlükələrdən) xilas etsə, şükür edənlərdən olarıq”, – deyə yalvardığınız zaman sizi suyun və qurunun zülmətindən xilas edən kimdir?” De: “Allah sizi bunlardan xilas edir, hər bir çətinlik və narahatlıqdan qurtarır. Amma yenə də siz Ona şərik qoşursunuz.” De: “Allah yuxarıdan və ayaqlarınızın altından sizə əzab göndərməyə, sizi dağınıq dəstələr şəklində bir-birinizə qarışdırmağa və birinizin vasitəsilə digərinizə müharibə (qarşıdurma) dadını daddırmağa qadirdir!” Gör ayələrimizi onlara necə izah edirik?! Bəlkə, başa düşərlər! Sənin qövmün onu (Allahın ayələrini), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizə görə məsuliyyət daşımıram!” (Allahın sizə verdiyi) hər bir xəbərin müəyyən bir vaxtı vardır və siz tezliklə biləcəksiniz. Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan sənə unutdursa, xatırladıqdan sonra o zalım tayfa ilə oturma. —————————————————————————————— İnsanın mühafizəçiləri: Ayənin “O, sizə mühafizəçilər təyin edir” cümləsini şərh edən təfsirçilər burada insanları bəlalardan və təhlükələrdən qorumaqla vəzifələndirilən mələklərin nəzərdə tutulduğunu qeyd etmişlər. Varlıq aləminin bütün üzvləri daha çox kamilləşmək, bu dünyadan daha çox faydalanmaq istədiyi üçün bizi əhatə edən bu dünya təhlükə və bəlalarla doludur. Bu səbəbdən də bütün mövcudat davamlı olaraq mübarizə aparır, biri digəri üzərində qələbə çalmağa çalışır. Bildiyimiz kimi, insan mövcudatın ən zərif və ən zəif nümayəndəsidir. Buna görə də Allah insanı əcəli yetişənə qədər bəlalardan, xoşagəlməz hadisələrdən, müsibət və təhlükələrdən qorumaq üçün onun üçün qoruyucu mələklər təyin etmişdir. Əcəli yetişdikdə isə bu mələklər insanı bəlalar içində tərk edir və bəlalar insanın ömrünə xitam verir. Bu məzmun bəzi hədislərdə də öz əksni tapmışdır[21]. Müxtəlif əzablar: Bu ayədə Peyğəmbərə (s) günahkarları üç növ əzabla təhdid etmək göstərişi verilmişdir: Yuxarıdan gələn əzablar; aşağıdan qalxan əzablar; sözlərin çəp gəlməsi, nəticədə müharibə baş verməsi, qan tökülməsi. Yuxarıdan gələn və aşağıdan qalxan əzablar məsələsi təfsirçilər arasında fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Əslində, bu iki ifadənin məzmunu çox genişdir. Belə ki, yuxarıdan və aşağıdan gələn bəlalar deyildikdə həm ildırımlar, təhlükəli yağıntılar, zəlzələlər, yer sürüşmələri, uçqunlar, dənzlərdə qasırğalar, çaylarda daşqınlar baş verməsi, həm də cəmiyyətin yüksək təbəqəsinin bəzi millətlərin başına od yağdırması, öz işini bilməyən işçilərin camaata problemlər yaratması nəzərdə tutula bilər. Bu ayənin məzmunu müasir dövrdə insanların həyatını havadan və qurudan zülmətə çevirən, qısa müddət ərzində havadan endirilən aviazərbələr, minalar, sualtı hücumlar zamanı kəndləri, şəhərləri yerlə-yeksan edən, kül təpələrinə döndərən dəhşətli silahlara da şamil ola bilər[22]. Hədislərdə də bu əzabların müxtəlif formalarına işarə edilmişdir. Hədislərin çoxunda yuxarıdan gələn əzab deyildkdə göydən qopacaq fəryad, aşağıdan gələn əzab deyildikdə yerə batma nəzərdə tutulduğu qeyd edilmişdir. Hədislərə görə, bu iki əzab gələcəkdə, İmam Mehdinin (ə) zühur edəcəyi ərəfədə bu ümmətin başına gələcək əzablardandır. İxtilaf və parçalanmaya gəlincə isə, bu, Peyğəmbərdən (s) sonra İslam ümmətinin başına gələn ən böyük müsibətdir. Tam qətiyyətlə deyə bilərik ki, bu problem müsəlmanların başına gələn saysız-hesabsız bəlaların ən başlıca səbəblərindəndir[23]. Allahın ayələrinin məsxərəyə qoyulduğu məclisdə iştirakın qadağan edilməsi: Bu ayədə ümumi bir hökm verilmişdir. Bu da Allahın ayə və nişanələrinin məsxərəyə qoyulduğu bir məclisdə iştirak etməyin qadağan edilməsi ilə bağlıdır. Əhli-beyt (ə) hədislərində bu cür məclislərlə bağlı məlumatlar verilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Allaha və axirətə inamı olan şəxs imamlardan birinə söyüş söyüldüyü və ya möminlərin qeybətinin edildiyi məclisdə əyləşməməlidir. Çünki Allah Öz kitabında belə buyurmuşdur: “Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir.”[24] (Öyüd-nəsihət vermək üçün onlarla əyləşən) müttəqilərə onların əməllərindən heç bir günah gəlməz. Lakin bu, onlara xatırlatmaq üçün olmalıdır ki, bəlkə pis əməllərdən çəkinsinlər. (Fitri) dinlərini oyun və əyləncəyə çevirən, dünya həyatının məğrur etdiyi şəxsləri boşla getsinlər. Onlara bunun (Quranın) vasitəsilə xatırlat ki, heç kəs əməllərinin çətinliyini çəkməsin. (Qiyamətdə) Allahdan başqa onun nə bir dostu olar, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı şəkildə əvəz ödəsə belə, ondan qəbul olunmaz. Onlar etdikləri əməllərin cəzasına məhkumdurlar. Onları küfr etdiklərinə görə qaynar su və şiddətli əzab gözləyir! De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi tapınacağıq? Allah bizi düz yola yönəltdikdən sonra “Bizə tərəf gəl!”, – deyərək, düz yola çağıran dostlarının olmasına baxmayaraq, Şeytanın vəsvəsələri ilə yer üzündə düz yolu itirmiş çaşqın adam kimi geriyəmi döndəriləcəyik? De: “Yalnız Allahın haqq yolu doğru yoldur. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edilmiş, habelə: “Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!” (deyə buyurulmuşdur)”. Göyləri və yeri haqq olaraq yaradan Odur. Onun: “Ol!” deyəcəyi gün (hər şey) dərhal olar. Onun sözü haqdır. Surun üfürüləcəyi gün hökm Ona məxsusdur. Qeybi və aşkarı bilən də Odur. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! —————————————————————————————– “68-ci ayə”dəki qadağanın istisnası: İmam Baqir (ə) buyurmuşdur: Əvvəlki ayə nazil olduqdan və müsəlmanlara istehza və məsxərə edən kafirlərlə eyni məclisdə iştrak etmək qadağan edildikdən sonra bir qrup müsəlman dedi: “Əgər hər yerdə bu göstərişə əməl etməli olsaq, gərək Məscidül-hərama getməyək, Allahın evini təvaf etməyək. Çünki kafirlər məscidin hər tərəfində yayılıb Allahın ayələrini məsxərəyə qoyurlar. Məscidin hər hansı küncündə dursaq, onların sözlərini eşitməli olacağıq.” Bu zaman 69-cu ayə nazil oldu və müsəlmanlara qeyd olunan şəraitdə onlara nəsihət vermək, bacardıqca doğru yola yönəltmək göstərişi verildi. Bu ayənin nazilolma səbəbi ilə bağlı söylənilən hadisə bütün surənin nazilolma səbəbi ilə təzad təşkil etmir. Çünki müsəlmanların həyatında müxtəlif hadisələr baş verə, sonra tam surə nazil ola və bu surənin ayələri həmin hadisələrin ayrı-ayrı cəhətlərini nəzərdə tuta bilər. Unutmamalıyıq ki, bu ayənin istisnasından yalnız o adamlar istifadə edib ayələrin istehza edildiyi məclislərdə iştirak edə bilərlər ki, ayədə qeyd edildiyi kimi, təqvalı olsunlar, onların təsirlərinə düşməməklə yanaşı, onları düz yola yönləndirsinlər, məclis iştirakçılarına təsir göstərə bilsinlər[25]. Dünyapərəstliyin fitri dinlə ziddiyyəti: Bu ayədə dünyapərəst insanların nəfslərinə tabe olaraq haqq dinlərini məsxərəyə qoymasına işarə edilmişdir. Bu ayədən dünyapərəstlərin də haqq dinə malik olduqları vurğulanmışdır. Bu, ruhlarının dərinliklərindən insanları Allaha doğru səsləyən həmin ilahi fitrətdir. Deməli, onlar bu fitri dini ciddiyə almalı, onun təhrif və xurafatlara qarışmasına yol verməməlidirlər. Lakin dünyapərəstlər onu oyun-oyuncağa, əyləncə vasitəsinə çevirmiş, nəfslərinin istədiyi şəkillərə, qəliblərə salmışlar. Buna görə də Allah-taala “dünya həyatı onları məğrur etmişdir”, – deyə buyurmuşdur. Çünki dünyanın maddi ləzzətlərinə qərq olmaq, onlardan kam almaq üçün göstərilən maksimum səylər onların haqq dindən üz çevirməsinə və onu məsxərəyə qoymalarına səbəb olmuşdur[26]. İnsanın öz əməlindən ayrı düşməsi qeyri-mümkündür: Bu ayədə diqqət yetirilməsi önəmli olan nüans budur ki, “onlar etdikləri əməllərin cəzasına məhkumdurlar” cümləsi onlardan kompensasiya qəbul edilməyəcəyi, hami, köməkçi və yardımçıları olmayacağı üçün deyilmişdir. Yəni onların cəzasına səbəb hər hansı xarici amil olmayacaq ki, onu dəf etmək də mümkün olsun. Məruz qalacaqları əzab onların öz cövhərlərindən, malik olduqları xüsusiyyətlərdən və etdikləri əməllərdən qayanqlanır. Onlar öz əməllərinin əsiridirlər. Buna görə də xilas ola bilməzlər. Çünki əməllər və onların təsir və nəticələrindən ayrılmaq insanın öz-özündən ayrılması deməkdir[27]. Tənəzzül və xilas arasında sərgərdan olmaq: Bu ayədə öz əməlindən baş açmayan və xoşbəxtliyini təmin etmək üçün möhkəm iradə göstərməyən çaşqın adamın təsviri verilmişdir. O, məqsədə çatmaq üçün lazım olan, daha əvvəllər haqq yola yönəlmiş insanların qət etdiyi ən yaxşı və qətiyyətli yolu tərk etmişdir. O, insanı məhvə və bədbəxtliyə sürükləyən şeytanlar və azdırıcılar arasında çaşqın vəziyyətdə qalmışdır. Halbuki məqsədə yetmiş və ya mənzil başına çatmaqda olan haqq yolunun yolçuları onu öz yanlarına dəvət etsələr də, o tənəzzül və xilas arasında qalıb nə edəcəyini bilmir[28]. İbrahimin, atası (əmisi) Azərə: “Sən bütləri özünə tanrı seçirsən? Mən səni və sənin qövmünü açıq-aydın azğınlıq içində görürəm!” – dediyi zaman(ı xatırlayın!) Beləcə, İbrahimə göylərin və yerin hökmranlığını (və Allahın onlar üzərindəki mütləq hökmranlığını) göstərdik ki, heç bir tərəddüd etmədən əminliklə inananlardan olsun! Gecənin qaranlığı onu bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!”, batdıqda isə: “Mən batanları sevmirəm”, – dedi. Doğmaqda olan ayı görüb: “Bu, mənim Rəbbimdir!”, (ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsə, mən zəlalətə düşənlərdən olaram”, – dedi. Doğan günəşi görüb: “Bu, mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən üzümü göyləri və yeri yaradana çevirdim. Mən öz imanımda ixlaslı və səmimiyəm, şərik qoşanlardan deyiləm!” Tayfası onunla (İbrahimlə) mübahisəyə qalxdı. (İbrahim) dedi: “Allah məni doğru yola yönləndirdiyi halda, siz Onun barəsində mənimlə mübahisəmi edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz heç nədən qorxmuram. (Onlar mənə ziyan vura bilməzlər). Rəbbimin elminin genişliyi hər şeyi əhatə edir. Məgər düşünüb ibrət almırsınız? Allahın sizə haqqında heç bir dəlil endirmədiyini Ona şərik qoşmaqdan qorxmadığınız halda, mən niyə sizin qoşduğunuz şəriklərdən qorxmalıyam? Əgər bilirsinizsə, (o zaman deyin görək) bu iki dəstədən (bütpərəstlərlə allahpərəstlərdən) hansı əmin-amanlıqda olmağa (Qiyamət əzabından qorxmamağa) daha layiqdir? —————————————————————————————– İbrahimin atası: Quran ayələrini araşdırdıqda Azərin həzrət İbrahimin (ə) atası olmadığı məlum olur. Sadəcə, şəraitdən asılı olaraq həzrət İbrahim (ə) ona ata deyə müraciət edirdi. Ata sözü doğma atadan sonra babaya, əmiyə, ögey ataya, insana himayədarlıq etmiş və ya itaət göstərilən bütün böyüklərə də aid edilə bilər. Əlbəttə, Quranda İbrahimlə (ə) Azəri hansı qohumluq əlaqəsinin bağladığı dəqiq qeyd edilməmişdir. Bəzi hədislərdə onun İbrahimin (ə) əmisi olduğu qeyd edilmişdir. Bir çox hədislərdə həzrət İbrahimin (ə) atasının adının Tarex olduğu göstərilmişdir. “Tövrat”da da həzrət İbrahimin (ə) atasının adı məhz belədir[29]. Göylərin və yerin hökmranlığının İbrahimə (ə) göstərilməsi: Quran ayələrinin dərinliklərinə vardıqda məlum olur ki, Allah-taala göylərin və yerin hökmranlığını həzrət İbrahimə (ə) göstərərkən hər şeyin Ondan asılı olduğunu, Allahdan başqa heç bir şeyin müstəqil olmadığını başa salmaq məqsədi güdmüşdür. Hər şeyin Allahdan asılı, Ona möhtac olduğu, kainatın idarə edilməsində heç nəyin Onunla ortaq olmadığı məlum olduqda, kainatda olan hər bir şeyə nəzər saldıqda bu mövcudatların bir-birinin idarəedicisi olmadığı aydın olur. Deməli, insanların öz əlləri ilə düzəltdikləri bütlər də insanların Rəbbi ola bilməz, batan, çıxan, dəyişkənliyə məruz qalan ulduzlar, Ay və Günəş də kainatın idarəedicisi ola bilməz. Buna görə də bütün səltənətlərin, hər bir şeyin Allahdan asılı olduğunu gördüyü üçün bütpərəstlik, ulduzpərəstlik, aypərəstlik, günəşpərəstlik və istənilən növ şirkə qarşı mübarizə aparırdı[30]. Əslində, çox insanlar yerə, göylərə, göy cismlərinə baxırlar, hətta bir çoxlarının peşəsi və məşğuliyyəti Günəş və Ayı müşahidə etmək, onların çıxıb-batmasını hesablamaqdır, bu sahə üzrə ixtisaslaşıblar, ancaq aləmlərin hökmranının kim olduğunu görə bilmirlər. Çünki peşələrinin əhatə dairəsinə daxil olanları gördükdə, onların yaradanı və idarəedicisi haqqında düşünmürlər[31]. Allah-taala İbrahimin mənəvi övladları olan müsəlmanlara dünyanın batininə baxmağı göstəriş verir. Aləmin batinini müşahidə etməyin ən mühüm yolu fitri tövhidi, qəlb yolunu gücləndirməkdir. Bu yol elə bir yoldur ki, insan öz məhbubunu öz qəlbində tapır[32]. Ay və sair göy cismlərinin idarəçiliyini üzdə qəbul etmək tövhid sözünü ucaltmaq üçündür. İmam Rza (ə) buyurmuşdur: “İbrahimin (ə) qövmü üç qrupa bölünmüşdü: Bir qrupu Zöhrə (Venera) ulduzuna, bir qrupu Aya, başqa bir qrupu isə Günəşə stayiş edirdi. İbrahim (ə) sığındığı mağaradan çıxdıqdan sonra bu müşriklərlə rastlaşır. Gecə vaxtı Zöhrə ulduzunun çıxdığını görüb: “Mənim tanrım budur”, – deyir. Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. Zöhrə ulduzu batdıqdan sonra: “Mən batanları sevmirəm. Çünki batmaq hər zaman mövcud olanın deyil, yaranmışın xüsusiyyətidir”, – deyir. Parlayan Ayı gördükdə: “Mənim tanrım budur”, – deyir. Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. Ay gözdən itdikdən sonra deyir: “Əgər Rəbbim məni düz yol yönləndirməsə, şübhəsiz ki, haqq yoldan azmışlardan olacağam.” Səhər tezdən şölə saçan Günəşi görüb deyir: “Mənim tanrım budur. Bu Zöhrədən də, Aydan da böyükdür.” Amma həqiqəti bildiyi üçün ürəyində onu inkar edirdi. İbrahim (ə) bu sözləri şirkə bulaşmış inanca etiraf etmək və bunu onlara təbliğ etmək üçün demirdi. Günəş batdıqdan sonra üzünü hər üç qrupa tutub deyir: “Ey mənim qövmüm, mən sizin Allaha qoşduğunuz şəriklərdən uzağam. Mən üzümü O şəxsə tərəf çevirirəm ki, göyləri və yeri yaradıb. Mən öz imanımda səmimi və ixlaslıyam.” İbrahim (ə) bu sözləri yalnız onların dinlərini puça çıxarmaq, onlara Zöhrə, Ay və Günəş kimi cismlərin ibadətə layiq olmadığını, bütün bunların, göylərin və yerin xaliqinin Allah olduğunu və yalnız Onun ibadətə layiq olduğunu sübuta yetirmək üçün deyirdi…”[33] İman gətirib imanlarını şirk və zülmə bulaşdırmayanlar əmin-amanlıqdadırlar. Onlar haqq yola yönəlmişlərdir! Bu, öz qövmünə qarşı Bizim İbrahimə verdiyimiz dəlillər idi. Biz istədiyimiz (layiq gördüyümüz) şəxsi dərəcə-dərəcə ucaldırıq. Sənin Rəbbin hikmət (və) elm sahibidir. Biz İshaqı və Yaqubu Ona bəxş etdik. Onların hər ikisini haqq yola yönləndirdik. Bundan əvvəl Nuhu və onun övladlarından olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da haqq yola yönəltmişdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (haqq yola yönəltdik). Onların hamısı əməlisalehlərdən idi. Habelə İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (haqq yola yönəltdik) və onları aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qisminə üstünlük bəxş etdik), onları seçdik və düz yola yönəltdik. Bu, Allahın hidayətidir. Bununla bəndələrindən istədiyini haqq yola yönəldir. Əgər onlar müşrik olsaydılar, etdikləri (yaxşı) əməllər puça çıxardı. Onlar Bizim kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı mühafizəçi edərik. Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get. De: “Mən bunun (peyğəmbərlik və təbliğ) müqabilində sizdən bir haqq istəmirəm. Bu (peyğəmbərlik vəzifəsi) aləmlər (bütün bəşəriyyət) üçün yalnız bir xatırlatmadır.” —————————————————————————————— Əmin-amanlıq zülmə bulaşmamış imanın nəticəsidir: Əvvəlki ayədə İbrahimin (ə) üzünü bütpərsət qövmünə tutuaraq: “Bu iki dəstədən (bütpərəstlərlə allahpərəstlərdən) hansı əmin-amanlıqda olmağa (Qiyamət əzabından qorxmamağa) daha layiqdir?”, – deyə soruşduğunu və elə bu suala özünün də cavab verdiyini görürük. Bu ayəyə əsasən, haqq yola yönəlmə və əmin-amanlıq iman gətirənlərə məxsusdur. Bir şərtlə ki, iman gətirənlər bu insanlar öz imanlarını şirkə və zülmə bulaşdırmasınlar. Allahı tanıması, elminin və ayıqlığının səviyyəsindən asılı olaraq, insanların imanları da bir-birindən fərqlənir. İmanın dərəcəsindən asılı olaraq, ona edilən haqsızlıq da fərqlənir. Dünyanın bir yaradıcısının olduğuna və həmin yaradanın kainatı idarə etdiyinə, bütün mövcudatın Onun əmri ilə idarə edildiyinə inanan şəxs Onun kainatın idarəçiliyində tək olduğuna da inanmalı və məxluqatdan heç birini Ona şərik qoşmamalıdır. Bu cür insanın Allaha şərik qoşması zülmdür. Dərəcə cəhətdən əvvəlkindən daha yüksək olan şəxs əvvəlki mərhələdə olan şəxsin malik olduğu imana malik olmaqla yanaşı valideynə qarşı haqsızlıq, yetim malı yemək, adam öldürmək, zina etmək, şərab içmək və sair kimi günahlarla qarşılaşdıqda bu günahlardan çəkinir. Bu mərhələdə olan şəxsin imanının təsiri həmin günahlardan uzaq durmaqla şərtlənir. Allah-taala bu mərhələdə olan insana kiçik günahlarını bağışlayacağını vəd vermişdir. Belə ki, “Nisa” surəsinin 31-ci ayəsində belə buyurmuşdur: “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi gözəl bir məkana daxil edərik.” Bu həddin elminə və biliyinə sahib olan şəxs böyük günahlara bulaşarsa, bu mərhələnin əmin-amanlığı ondan alınar və o, Cəhənnəmdə yandırılar. Baxmayaraq ki, həmişəlik Cəhənnəmdə qalmayacaq, şəfaət və ya əzab müddətinin tamamlanması nəticəsində oradan çıxacaq. Bundan daha yüksək mərhələnin zülmü savab olan əməlləri tərk etmək, bəyənilməyən işlər görmək, halallarla kifayətlənməkdir. Bundan daha yüksək mərhələnin zülm və haqsızlığı gözəl, əxlaqi, ilahi, mənəvi, ruhani davranışlarda xətalara yol vermək, bundan da yüksək mərhələdə olan insanların özlərinə zülm və haqsızlığı onların ilahi sevgiyə mane olan xətaya yol verməsidir. Bu mərhələlərin hər birinə xas olan iman möminə xüsusi əmin-amanlıq bəxş edir, həmin mərtəbəyə uyğun olan bədbəxtliyə səbəb olan zülm və haqsızlığı dəf edir. Bu ayə ilə bağlı hədislər də qeyd olunan fikri təsdiq edir. Hədislərin bəzisində zülm şirk, bəzisində isə şübhə kimi izah edilmişdir. Hədislərin bəzisində Əhli-beyt (ə) düşmənləri ilə dostluq da zülm və haqsızlıq nümunəsi kimi verilmişdir. Deməli, bu ayədə zülm deyilərkən fərdlərin iman və idrak dərəcələrindən asılı olaraq zülmün dəyişən bütün formaları nəzərdə tutulur[34]. Allahın dininin mühafizəçiləri: Yuxarıdakı ayələrdə İbrahimin (ə) müşriklərə dolayısı ilə vahid və təkallahlıq inancının insan təbiətinə və cövhərinə əsaslandığını və onların öz təbətlərinə zidd davrandıqlarına inandırdığını görürük. Sonra Allah-taala peyğəmbərləri xalis və təmtəraqsız tövhid inancı ilə əzizlədiyini, onları sapma olmayan yola yönəltdiyini, onlara kitab, hikmət və peyğəmbərlik bəxş etdiyini bəyan edir. Bu ayədə Allah Peyğəmbərə (s) müxaliflərin küfr, şirk və inadkarlıqlarına görə kədərlənməməsi üçün təskinlik verir. Çünki onlar ilahi hidayəti və Peyğəmbərin (s) peyğəmbərliyini inkar edərlərsə, Allah onları tövhid inancını qoruyan və onu əsla inkar etməyən din mühafizəçiləri ilə əvəz edər, onlara etimad göstərərək Öz dininin mühafizəçiləri edər. Allahın dinini hər zaman qoruyan və onun süquta uğramasına imkan verməyən bəndələri vardır. Bunlar Allahın məsum bəndələri, yəni peyğəmbərlər və onların haqq davamçılarıdır. Belə ki, hədislərin birində ayənin ən parlaq nümunələrindən birinin məsum imamlar (ə) olduğu qeyd edilmişdir[35]. Onlar: “Allah heç bir insana bir şey nazil etməmişdir”, – deməklə Allahı doğru tanımamışdılar. De: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi, sizin onu hissələrə bölüb bir hissəsini aşkara çıxartdığınız, böyük bir hissəsini isə gizlətdiyiniz, sizə özünüzün və atalarınızın bilmədiyi məsələlərin öyrədildiyi kitabı kim nazil etmişdi?” De: “Allah!” Onları inadkar danışıqları ilə birlikdə tərk et ki, oyun-oyuncaqları ilə baş-başa qalsınlar. Bu, xeyir-bərəkəti özündən əvvəlkiləri təsdiq edən bir kitabdır ki, onu sənə “Ümmül-qura” (Məkkə) əhalisini və ətrafındakı insanları qorxutmaq üçün nazil etmişik. Axirətə iman gətirənlər ona iman gətirər, namazlarını da qoruyub saxlayarlar. Allaha iftira yaxan, özünə heç bir vəhy nazil olmadığı halda: “Mənə də vəhy olmuşdur, mən də Allahın nazil etdiyinin bənzərini endirəcəyəm”, – deyən şəxsdən daha zalım kim ola bilər? Sən (bu) zalımların ölümün əzabları içində çabaladıqlarını, mələklərin də əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha iftiralar atdığınıza və Onun ayələrinə qarşı təkəbbürlü davrandığınıza görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görsən (hallarına acıyacaq, təəssüflənəcəksən). (Qiyamət günü onlara deyiləcək:) Siz Bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, sizə bəxş etdiklərimizi arxanızda qoyub gəlmisiniz. Şəfaətinizə şərik olacaqlarını düşündüyünüz şəfaətçilərinizi yanınızda görmürük. Artıq aranızdakı əlaqələr kəsilib və arxalandıqlarınız sizdən uzaqlaşıb yox olublar. —————————————————————————————– Yəhudilər və ilahi vəhyin gizlədilməsi: Soruşula bilər ki, nə üçün bu ayədə səmavi vəhyi kağız və bu kimi vasitələr üzərinə yazan yəhudilər məzəmmət edilmişdir? Axı burada məzəmmət ediləsi bir şey yoxdur. Əslində, məzəmmət səbəbi onların Tövratı dağınıq kağız və bu kimi vasitələr üzərinə yazıb xeyirlərinə olanı camaata göstərmələri, ziyanlarına olanları gizlətmələri idi[36]. İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Onlar ilahi vəhyi kağızlar üzərinə yazır, sonra istədiklərini aşkara çıxarır, istədiklərini gizlədirdilər.”[37] İslam peyğəmbərinin (s) dəvətinin miqyası: Quranın bir çox ayələri İslamın cahanşümul bir din olduğunu açıq şəkildə bəyan edir. Lakin bu ayəyə nəzər saldıqda ortaya belə bir sual çıxır: Necə olur ki, bu ayədə Peyğəmbərin (s) göndərilməsinin məqsədi Məkkə və onun ətrafında olan insanları düz yola yönəltmək və onları qorxutmaqla məhdudlaşdırılır? Bu məzmun İslamın ümumdünya miqyaslı bir din olması prinsipi ilə təzad təşkil etmirmi? Bu suala cavab verməzdən əvvəl onu qeyd etməliyik ki, Quran terminologiyasında “qəryə” iri və ya kiçik şəhər və kənd olmasından asılı olmayaraq abadlıq olan yerə deyilir. “Yusuf” surəsinin 82-ci ayəsində Yusifin (ə) qardaşlarının atalarına belə dedikləri qeyd edilmişdir: “Biz olduğumuz abadlıq haqqında soruş”. Bilirik ki, onlar bu sözləri Misirin paytaxtından qayıtdıqdan, qardaşları Benyaminin Misir hökmdarının adamları tərəfindən saxlanılması hadisəsindən sonra demişdilər. Təbii ki, bu ayədə də abadlıqlar deyilərkən kəndlər nəzərdə tutulmur. Bu söz dünyanın bütün insan məskənləri olan ərazilərini ehtiva edir. Digər tərəfdən, bir çox hədislərdə yerin quru hissəsinin Kəbənin altından başlayaraq yayılmağa başladığı, məhz bu səbəbdən də onun “Dəhvül-ard” (yerin genişlənməsi) adlandırıldığı qeyd edilmişdir. Yəni sudan ilk xaric olan quru nöqtəsi Məkkə olmuşdur. Buna görə də Məkkəyə “Ümmül-qura” (abadlıqların başlanğıcı) deyilmişdir. “Ümm” ərəb dilində özəy, əsas, başlanğıca deyilir. Buna görə də “onun ətrafındakı insanlar” deyilərkən yer üzünün bütün sakinləri nəzərdə tutulur[38]. Quranın misli, əsla: İmam Sadiq (ə) bu ayənin nazilolma səbəbi haqqında belə buyurmuşdur: “Osmanın süd qardaşı Abdullah ibn Səd ibn Əbu Sərəh Mədinəyə gəlib İslamı qəbul edir. Onun yaxşı xətti var idi. Buna görə də Peyğəmbərə (s) vəhy nazil olanda onu çağırıb vəhyi yazmasını göstəriş verir. Peyğəmbər (s) ona: “Allah eşidəndir, görəndir”, – dedikdə o, “eşidəndir, biləndir” yazır. Peyğəmbər (s): “Allah etdklərinizdən xəbərdardır”, – deyə buyurduqda, o, “görəndir” yazır. Nəticədə, İslamdan dönüb kafir olur. Məkkəyə döndükdən sonra qüreyşlilərə deyir: “Allah və Mühəmməd nə dediklərini bilmirlər.” Mən onun dediyinin bənzərini deyə, Allahın endirdiyini endirə bilərəm. Allah bu ayəni onun haqqında nazil edir. Ona qarşı edilən güzəşt Peyğəmbər (s) Məkkəni fəth edənə qədər davam edir. Məkkənin fəthindən sonra Peyğəmbər (s) onun qətlinə fərman verdikdə Osman onun əlindən tutub Peyğəmbərin (s) yanına gəlir. Onlar gələndə Peyğəmbər (s) məsciddə olur. Osman deyir: “Ey Allahın rəsulu (s), onu bağışla.” Peyğəmbər (s) susur. Osman eyni sözü yenə təkrar etdikdə Peyğəmbər (s) buyurur: “Onu sənin ixtiyarına buraxdım.” Osman qayıtdıqdan sonra Peyğəmbər (s) səhabələrinə buyurur: “Məgər mən sizə demədimmi ki, onu görən kimi öldürün?” Bir nəfər deyir: “Ey Peyğəmbər, mənim gözüm sizdə idi, gözləyirdim ki, onu öldürməyim üçün mənə işarə edəsiniz.” Peyğəmbər (s) buyurur: “Peyğəmbərlər işarə ilə adam öldürtdürmürlər.” Nəticədə, Abdullah ibn Əbu Sərəh Peyğəmbərin (s) azad etdiklərindən olur”[39]. Toxumu da, çəyirdəyi Allah çatladır. Ölüdən diri, diridən də ölü çıxarır. Budur sizin Allahınız! Axı siz Haqdan necə döndərilirsiniz? Dan yerini O sökür; gecəni istirahət, günəşi və ayı isə hesab vasitəsi etmişdir. Bu, yenilməz qüvvət sahibi, bilən Allahın təqdiridir. Suyun və qurunun zülmətində düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bilən insanlar üçün əlamətləri izah etdik. Sizi tək bir insandan yaradan da Odur. (İnsanlar iki qrupa bölünür:) Bəziləri sabit, bəziləri dəyişkəndir. Biz ayələrimizi anlayan insanlar üçün müfəssəl bəyan etdik. Göydən su endirən Odur. Biz onunla müxtəlif bitkilər yetişdirdik, yaşıl fidanlar və budaqlar göyərtdik, onlardan bir-birinə sıxlaşmış dənələr çıxartdıq. Biz xurma ağacının çiçəyindən nazik salxım çiçəklər çıxartdıq. Habelə, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt onların meyvəsinə və yetişməsinə baxın. Bunda imanlı şəxslər üçün əlamətlər vardır. Cinləri yaratdığı halda, onlardan Allaha şəriklər qoşdular, yalandan və bilmədən Onun üçün oğullar və qızlar uydurdular. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır və yüksəkdə durur. O, göyləri və yeri var edəndir. Zövcəsi olmadığı halda Allahın övladı necə ola bilər axı? Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir! ————————————————————————————— Gecə və istirahət vasitəsi: Allah-taala bu ayədə gecəni istirahət və rahatlıq tapmaq üçün bir vasitə etdiyini buyurmuşdur. İnsanın işıq və aydınlıqda iş və fəaliyyətə meyilli olduğu danılmazdır. İşıqda qan dövranı bədənin səth hissəsinə meyillənir və bütün hüceyrələr aktiv olur. Buna görə də işıqda yatmaq insana elə də rahatlıq və dinclik gətirmir, əksinə, əzginlik yaradır. Lakin ətraf nə qədər qaranlıq olarsa, yuxu bir o qədər şirin və dərin olar, bədənə rahatlıq bəxş edər. Çünki qaranlıqda qan dövranı bədənin dərinliklərinə daha çox meyillənir, hüceyrələrin fəaliyyəti passivləşir. Məhz elə buna görədir ki, hava qaraldıqdan sonra təbiətdə təkcə canlılar deyil, bitkilər də yuxuya gedir, dan yerinin ilk işartısında isə oyanış, hərəkət və aktivləşmə başlayır. Əhli-beyt (ə) hədislərində bu həqiqətin ruhunu əks etdirən göstərişlərə daha çox rast gəlinir. Belə ki, “Nəhcül-bəlağə”də İmam Əlinin (ə) dostlarından birinə belə nəsihət verdiyini görürük: “Qaranlıq düşdükdən sonra hərəkət etmə ki, Allah gecəni səfər üçün deyil, dincəlmək və istirahət etmək üçün yaratmışdır. Gecə vaxtı dincini al, yorğunluğunu çıxar.” İmam Baqir (ə) buyurmuşdur: “Gecə vaxtı yaxınlıq etmək sünnənin bir hissəsidir. Çünki Allah gecəni rahatlıq və istirahət vasitəsi təyin etmişdir.” İmam Səccadın (ə) öz xidmətçisinə belə buyurduğu nəql edilmişdir: “Dan yeri sökülənə qədər heyvan kəsməyin. Çünki Allah gecəni bütün canlılar üçün istrahət vasitəsi etmişdir.”[40] Sabit və dəyişkən insanlar: Bu ayədə bəzi insanların sabit, bəzilərinin isə dəyişkən olduğu buyurulmuşdur. Təfsirçilər bu iki ifadə ilə bağlı çoxlu şərhlər vermişlər. Bir izaha görə, “sabit” deyilərkən yaradılış cəhətdən tamlanmış və ana bətnində dünyaya gəlişini gözləyən və ya dünyaya gəlmiş insan, “dəyişkən” deyilərkən isə yaradılışı hələ tamamlanmamış, hələ də nütfə şəklində atasının belində olan insan potensialı nəzərdə tutulur. Başqa bir təfsirə görə, “sabit” deyilərkən əbədi olan və heç zaman ölməyən ruh, “dəyişkən” deyilərkən isə sabit olmayan fani bədən nəzərdə tutulur. Bəzi hədislərdə bu ifadələrlə bağlı mənəvi məzmunlar da qeyd edilmişdir. Belə ki, hədislərdə “sabit” deyilərkən iman cəhətdən sabit olan, “dəyişkən” deyilərkən isə iman cəhətdən sabit olmayan insanların nəzərdə tutulduğu qeyd edilmişdir[41]. Cini Allaha şərik qoşdular: Cin deyilərkən bu ayədə şeytanlar nəzərdə tutula bilər. Belə ki, zərdüştilər Ahura Məzda və Əhrimən olmaqla iki tanrıya inanırdılar. Bu inanca yezidiyyə firqəsi də malikdir. Onlar İblisi tanrı hesab edir, ona “məlik tavus” və ya “pərilər şahı” deyirlər. Ola bilər ki, burada elə həqiqi cin nəzərdə tutulmuşdur. Çünki müşriklər Allahın cinləri özünə qız övladı seçdyinə və pərilərin bu vasitə ilə yarandığına inanırdılar. Əlbəttə, sonuncu nəzəriyyə ayənin məzmunu ilə daha çox uyğunluq təşkil edir. Çünki ayədə “yalandan və bilmədən Onun üçün oğullar və qızlar uydurdular.”, – deyə buyurulmuşdur. Burada mələklərdən üstün varlıqların nəzərdə tutulduğunu da deyə bilərik. Brahmanlar və buddistlərin inancı həzrət İsanı (ə) Allahın oğlu hesab edən xristanların inancına bənzəyir. Bundan əlavə, keçmiş bütpərəstlər bütləri Allahın övladları, ərəb müşrikləri isə mələkləri Allahın qızları hesab edrdilər[42]. O Allah Rəbbinizdir! Ondan başqa heç bir məbud yoxdur. Hər şeyi yaradan Odur. Ona ibadət edin. O, bütün mövcudatın mühafizəçisi və hamisidir. Gözlər Onu görməz. Amma O, gözləri görər. O, lütfkar və xəbərdardır! Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onların vasitəsilə haqqı) görsə, öz xeyrinə, kim göz yumsa, öz ziyanınadır. Mən sizə nəzarətçı deyiləm. Biz ayələrimizi belə izah edirik. (Qoy onlar): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, – deməklərində olsunlar. Biz onu həqqətləri dərk etməyə hazır olanlar üçün aydınlaşdırmaq istəyirik. Rəbbindən sənə vəhy edilənə tabe ol. Ondan başqa heç bir məbud yoxdur. Müşriklərdən isə üz çevir! Əgər Allah istəsəydi, onlar (məcburi şəkildə iman gətirər və) müşrik olmazdılar. Biz səni onların üzərində cavabdeh qoymamışıq və sən onları məcbur etmək vəzifəsi daşımırsan! Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da bilməməzlik üzündən haqsız yerə Allahı söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. Sonra onlar hamısı Rəblərinə doğru qayıdacaqlar. Onları etdikləri əməllərdən xəbərdar edəcək! Son dərəcə israrla Allaha and içdilər ki, əgər onlara bir əlamət (möcüzə) gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr yalnız Allah tərəfindəndir. (Mənim ixtiyarımda deyil ki, sizin istəyinizlə möcüzə göstərə bilim). Siz haradan bilirsiniz ki, onlara möcüzə gəlsə, (iman gətirəcəklər? Xeyr,) iman gətirməyəcəklər!” Biz onların ürəklərini və gözlərini daha öncə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində çaşqın bir vəziyyətdə tərk edərik. —————————————————————————————– Gözlər Onu görməz: Əqli dəlillər Allahın gözlə görülə bilməyəcəyini sübut edir. Çünki göz yalnız cisimlər və onların bəzi keyfiyyətlərini görür. Cisim olmayan və cisim keyfiyyətinə malik olmayanlar əsla gözlə görülə bilməz. Başqa sözlə desək, gözlə görülən şey hökmən maddə, məkan və cəhətlərə malik olmalıdır. Halbuki Allah bütün bunların fövqündədir. Allah hüdudsuz varlıq olduğu üçün hər şeyin məhdud olduğu maddi dünyanın fövqündədir. Quranın bir çox ayələrində, o cümlədən, İsrail oğullarından və Allahı görmək tələbinin irəli sürülməsindən bəhs edən ayələrdə Allahın görünməsinin mümkün olmadığı açıq-aşkar şəkildə inkar edilmişdir. Əhl-beyt (ə) hədislərində də bu inanc inkar, onun tərəfdarları isə ciddi şəkildə tənqid edilmişdir. İmam Sadiqin (ə) məşhur dostlarından olan Hişama istinad edilən bir hədisdə belə nəql edildiyini oxuyuruq: “İmam Sadiqin (ə) yanında idim. O həzrətin dostlarından olan Müaviyə ibn Vəhəb daxil oldu. Sonra üzünü İmama (ə) tutub dedi: – Ey Peyğəmbərin balası, Peyğəmbərin Allahı gördüyünü ifadə edən hədis haqqında nə deyə bilərsiniz? Onu hansı şəkildə görüb? Habelə o həzrətin “möminlər Cənnətdə öz Rəblərini görəcəklər” hədisi haqıqnda fikriniz nədir? Onu hansı şəkildə görəcəklər? İmam Sadiq (ə) gülməsəyərək buyurdu: – “Ey Vəhəbin oğlu Müaviyə, necə də pisdir, insan 70-80 il ömür sürsün, Allahın mülkündə yaşasın, verdiyi nemətlərdən faydalansın, ancaq Onu layiqli şəkildə tanımasın. Ey Müaviyə, Peyğəmbər (s) Allahı bu gözlə görməyib. Görmək iki cürdür: zahiri gözlə görmək və qəlb gözü ilə görmək. Əgər kim qəlb gözü ilə gördüyünü desə, düz deyib, kim zahiri gözlə gördüyünü desə, yalan deyib, Allahı və Onun ayələrini inkar edib, kafir olub. Çünki Peyğəbər (s) buyurmuşdur: Hər kim Allahın Öz yaratdıqlarına bənzədiyini deyərsə, kafirdir.”[43] Hətta düşmənləri belə söyməyin qadağan edilməsi: Bəzi hədislərdə bildirilir ki, bir qrup mömin, bütpərəstlərin davranışlarından bərk narahat olduqları üçün bəzən müşriklərin bütlərini təhqir etdir, onları söyürdülər. Quran bu davranışı açıq-aşkar şəkildə qadağan etdi, hətta ən pis və ən xurafat ayinlər qarşısında ədəb-ərkanın, abır-həyanın qorunması göstəriş verdi. Çünki söyüş və təhqirlə kimisə yanlış yoldan qaytarmaq olmaz. Bu cür fərdlər malik oduqları nadanlıq və təəssübkeşlik ucbatından inadkarlıq göstərib öz inanclarında israrlı olar, daha acınacaqlısı isə, səhvə yol verib Allaha təhqirlər və söyüşlər yağdırarlar. Hədislərdə də Quranın haqq yoldan sapmışlara söyüş söyülməsinin tərk edilməsi ilə bağlı məntiqi izlənmişdir. İslam öndərləri müsəlmanlara hər zaman məntiqə və dəlil-sübutlara əsaslanmağı, əks inanclılara söyüş söyülməməsi ilə bağlı göstərişlər vermişlər. “Nəhcül-bəlağə”-də oxuyuruq ki, Əli (ə) Siffeyn mübaribəsində Müaviyənin ardıcıllarını söyən bir qrup əshabəsinə belə buyurmuşdur: “Sizin söyüş söyən olmağınızı istəmirəm. Amma danışıqlarınızda onların davranışlarını səciyyələndirsəniz, vəziyyətlərini təsvir etsəniz, doğruya daha yaxın olar, üzrünüz məqbul sayılar.” Soruşula bilər ki, bütpərəstlər Allaha etiqad etdikləri və bütləri ilahi dərgahın şəfaətçiləri hesab etdikləri Allahı necə söyə bilərlər? Belə ki, əgər biz inadkar və təəssübkeş insanlara diqqətlə nəzər salsaq, bu vəziyyətin heç də təəccüb doğurmadığını görərik. Bu cür insanlar narahat olduqları zaman qarşı tərəfi incitmək üçün üstənilən vasitəyə əl atmağa meyilli olurlar. Hətta ortaq inanc bəslədiklərini belə söyməkdən çəkinmirlər[44]. Əgər Biz mələkləri onlara endirsəydik, ölülər onlarla danışsaydı və hər şeyi toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilmir. Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (insanları) aldatmaq məqsədilə gizlində bir-birinə aldadıcı və əsassız sözlər deyirdilər. Əgər Rəbbin istəsəydi, belə etməzdilər. (Onların qarşısını ala bilərdi. Amma məcburiyyətin heç bir faydası yoxdur.) Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər! Nəticədə, (şeytanların vəsvəsələri və şeytansifətlərin təbliğatları) axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ona meyl göstərsinlər, (həmin sözlərdən) xoşlansınlar və istədikləri günahı etsinlər. Sizə içində hər şey yazılmış kitabı nazil edən Allah olduğu halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınınmı hakim olmasını istəməliyəm?! Kitab verilmiş şəxslər bu kitabın sənin Rəbbin tərəfindən haqq olaraq nazil edildiyini bilirlər. Sən tərəddüd edənlərdən olma! Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Heç kəs Onun sözlərini dəyişdirə bilməz. O, eşidəndir, biləndir! Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar, təxmin və gümana qapılarlar! Sənin Rəbbin yolundan azanları da, haqq yola yönələnləri də daha yaxşı tanıyır. Əgər siz Allahın ayələrinə iman gətirmisinizsə, (başı kəsilərkən) üstündə Onun adı çəkilmiş heyvanları yeyin! ————————————————————————————— Peyğəmbərin (s) dəvəti və müşriklərin inandkarlığı: Bu və əvvəlki iki ayədə buyurulur ki, müşriklər Peyğəmbərə (s) möcüzə göstərəcəyi təqdirdə Allaha inanacaqlarını deyirlər. Lakin Allah buyurur ki, onların iman gətirməsi qeyri-adi möcüzələrdən deyil, Allahın istəyindən asılıdır. Onlar Peyğəmbərin (s) dəvətini ilk başlanğıcda qəbul etmədikləri və inadkarlıq göstərdikləri üçün Allah onların gözlərini və qulaqlarını bağlamış, iman müvəffəqiyyətini əllərindən almışdır[45]. Bu hadisə Peyğəmbər (s) zamanında dəfələrlə baş vermişdir. İmam Əli (ə) bir xütbəsində belə buyurmuşdur: “Mən Peyğəmbərlə (s) bir yerdəydim. Qüreyş böyüklərindən bir qrupu gəldi. Onlar o həzrətə dedilər: – Ey Mühəmməd, sən o qədər böyük bir iddia irəli sürmüsən ki, nə ataların, nə də sülaləndən heç biri belə bir iddia irəli sürməyib. Biz səndən bir iş görməni istəyirik. Əgər qəbul edib istəyimizi bizə göstərsən, biləcəyik ki, sən Allahın peyğəmbər və elçisisən. Əks təqdirdə, sənin sehrbaz və yalançı olduğunu biləcəyik. Peyğəmbər (s) buyurdu: – Nə istəyirsiniz? Dedilər: – Bu ağacı çağır, kökündən çıxaraq gəlib qarşında dayansın. – Allah hər br işə qadirdir. Əgər Allah sizin üçün belə bir iş görsə, iman gətirib Onun haqq olduğunu təsdiq edərsiniz? – Bəli. – İndi sizə istədiyinizi göstərəcəyəm. Ancaq bilirəm ki, xeyirli yola dönməyəcəksiniz. Aranızda elə bir şəxs var ki, Qəlib quyusuna atılacaq[46], elə bir şəxs var ki, dəstələri toplayacaq. Sonra Peyğğəmbər (s) buyurdu: – Ey ağac, əgər Allaha və o biri dünyaya inanırsansa və mənim Allahın peyğəmbəri olduğumu bilirsənsə, Allahın izni ilə kökündən çıx gəl və mənim qarşımda dayan. And olsun onu peyğəmbərliyə seçənə, ağac kökündən çıxdı, çox yüksək, eyni zamanda quşların qanadlarının səsini xatırladan bir səslə gəldi. Allah rəsulunun (s) qarşısında dayandı, yuxarı budaqlarını Peyğəmbərin (s) başı üzərinə, bəzi budaqlarını isə mənim çiynimə sərdi. Mən həmin vaxt Peyğəmbərin (s) sağ tərəfində dayanmışdım. Oradakılar o həzrətə baxıb inadkarlıq göstərərək dedilər: – İndi əmr et, ağacın yarısı sənin yanına gəlsin, o biri yarısı yerinə qayıtsın. Peyğəmbər (s) əmr etdi, onun yarısı daha uca və qəribə bir səs-küylə Peyğəmbərin (s) yanına gəldi. O qədər yaxınlaşdı ki, az qalırdı Peyğəmbərə (s) sarılsın. Sonra onlar kafircəsinə, inadkarcasına dedilər: – İndi əmr et, ağacın bu yarısı o biri yarısına birləşsin! Peyğəmbər (s) əmr etdi, ağac yerinə qayıtdı. Mən dedim: – “La ilahə illəllah” (Allahdan başqa məbud yoxdur). Mən sənə iman gətirən ilk şəxsəm, ey Allahın elçisi! Sənin peyğəmbərliyini təsdiq etmək və sözünü uca tutmaq üçün Allahın izni və sənin əmrinlə ağacın sənin yanına gəlməsinə şahidlik edən ilk şəxsəm! Ancaq onlar hamısı bir ağızdan dedilər: – Bu kişi yalançı sehrbaz, məharətli və heyrətamiz bir cadugərdir! (Mənə işarə edərək) bunun kimilərdən başqa səni təsdiq edən olarmı?”[47] Möminlərin kamilləşməsində şeytanların rolu: Ümumiyyətlə, bütün işləri Allaha aid etmək olar. Çünki bütün işlər Ondandır. İxtiyar, azadlıq, qüdrət, elm və sairə Allahın insana bəxş etdiyi nemətlərdir. Deməli, şeytanlar da peyğəmbərlərlə düşmənçilik edirlərsə, yenə də Allahın icazə və izni ilə edirlər. Amma onlar öz işlərində məcbur və ixtiyarsız deyillər. Onların da malik olduqlarını Allah vermişdir. Sadəcə, onlar bütün imkanlarını hiylə və kələk yolunda istifadə edirlər. Ümumiyyətlə, dünya ixtiyar və azadlıq məkanıdır. Allah-taala insanlara və cinlərə xeyir və şər yolunu azad şəkildə seçib yürümək üçün ixtiyar və azadlıq vermişdir. Əlbəttə, bir cəhətdən də şeytanların planları dolayısı ilə möminlərin özlərini düzəltməsində və inkişafında rol oynaya bilər. Çünki düşmənin, özü də bu cür mahir və hiyləgər düşmənin olması iti zəkalı və qərarlı bir fərdin ayıqlığının, iradəsinin, müqavimət gücünün və düz yoldakı qətiyyətinin artmasına səbəb ola bilər[48].   Nə üçün siz üzərində Allahın adı çəkilmiş şeylərdən (heyvanların ətindən) yemirsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna olmaqla, sizə haram olanları O, sizə bildirmişdir. İnsanların bir çoxu (şəriəti) bilməməzlikdən və nəfslərinin istəklərinə uyaraq (başqalarını) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları daha yaxşı tanıyır! Günahların aşkarından da, gizlisindən də əl çəkin! Çünki günah qazananlar etdikləri əməllərə görə cəzalandırılacaqlar! Üzərində Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Çünki bu iş günahdır. Həqiqətən, şeytanlar sizinlə mücadilə etmələri üçün öz dostlarına gizlində bəzi şeyləri təlqin edirlər. Əgər onlara itaət etsəniz, siz də müşrik olacaqsınız. Ölü ikən diriltdiyimiz, sonra insanlar arasında gəzməsi üçün nur bəxş etdiyimiz şəxs zülmət içində qalıb oradan çıxmayan şəxs kimi ola bilərmi? Bu şəkildə etdikləri əməllər kafirlərə gözəl göstərildi. Beləliklə, hər bir şəhərə və kəndə günahkar başçılar təyin etdik. Fəaliyyətləri camaatı aldatmaqla nəticələndi. Onlar yalnız özlərini aldadarlar, lakin fərqinə varmazlar. Onlara bir ayə gəldiyi zaman: “Allahın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!” – deyərlər. Allah peyğəmbərliyi hara göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar (insanları haqq yoldan sapdıranlar) işlətdikləri hiylələrə görə Allah dərgahında zillətə və şiddətli əzaba düçar olacaqlar! —————————————————————————————- Aşkar və gizli günah: “Aşkar günahlar” nəticəsinin pis və qorxulu olacağı gizli olmayan şirk, yer üzündə fəsad törətmək, zülm və haqsızlıq kimi günahlardır. “Gizli günahlar” ilk baxışda nəticəsinin qorxulu olacağı başa düşülməyən murdar olmuş heyvanın, donuzun ətinin yeyilməsi, (sözün həqiqi mənasında) qan içmək kimi günahlara deyilir. Allah-taala bu əməllərin günah olduğunu bildirmişdir. Bəzi məqamlarda onların haram edilmə səbəbi bizə aydın olmaya bilər. Bu ayədə Allah buyurur ki, nəticələrindən xəbərdar olmasanız belə, bütün günahları tərk edin[49]. Peyğəmbərin əmisi Həmzənin iman gətirməsi: Bu ayənin nazilolma səbəbi haqqında belə qeyd edilir. İslam və Peyğəmbərin (s) qatı düşmənlərindən olan Əbu Cəhl bir gün Peyğəmbəri (s) çox incidir. Peyğəmbərin (s) həmin günə qədər İslamı qəbul etməmiş, lakin bu din haqqında davamlı olaraq düşünən şücaətli əmisi Həmzə həmin gün adəti üzrə ovda idi. Ovdan qayıdıb Əbu Cəhllə qardaşı oğlunun arasında baş verənlərdən xəbər tutduqdan sonra çox narahat olur, birbaşa Əbu Cəhlin yanına gedir. Başına (ya da burnuna) elə vurur ki, burnu qanayır. Əbu Cəhl öz tayfası, hətta Məkkə əhalisi arasında böyük nüfuz sahibi olmasına baxmayaraq, Həmzənin çox böyük şücaət sahibi olduğunu nəzərə alıb heç bir reaksiya vermir. Həmzə sonra Peyğəmbərin (s) yanına gedir, İsalmı qəbul edir, həmin gündən ömrünün sonuna qədər bu dinin müdafiəsində dayanır. Bu ayə həmin hadisə ilə əlaqədar olaraq nazil olur, Həmzənin imanını, Əbu Cəhlin küfr və fəsad içindəki inadkarlığını bəyan edir. Bu ayədə “ölüm və həyat” “küfr və iman” mənalarında işlədilmişdir. Əsl həqiqətdə ölüm və həyatın mənəvi mənası nəzərdə tutulmuşdur. Bu ifadə açıq şəkildə göstərir ki, iman quru, boş və təmtəraqlı sözlərdən ibarət bir inanc deyil. İman imansız insanların cansız bədənlərinə üfürülən, onların varlıqlarına və bütün həyatlarına təsir göstərən bir ruh kimidir. Nəzə almaq lazımdır ki, bu ayədə “nur” Quran, Peyğəmbər (s) və imamların (ə) təlimləri ilə yanaşı, Allahın insana bəxş etdiyi yeni dərkə, idrak üfüqünün dünyanın maddi həyat səviyyəsindən daha yüksəklərə qaldırılmasına, daha geniş üfüqlərə yüksəltməsinə deyilir. O, özünütanıma işığı altında eqoizm və nəfs pərdələrini ruhun gözləri önündən kənara çəkir. Nəticədə, insan daha əvvəllər görmədiyi həqiqətləri görür, öz həyat yolunda insanların nəfsani istəklərinə tabe olaraq etdiyi xətalara yol vermir, sağ-salamat məqsədə çatır. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Mömin Allahın nuru ilə baxır”. Bu hədis də qeyd olunan həqiqəti əks etdirir. Əlbəttə, bu parlaq baxışı qələmlə, sözlə təsvir etmək qeyri-mümkündür, onu dadmaq, hiss etmək lazımdır[50]. Qeyd etməliyik ki, bu parlaq düşüncəyə nail olmaq üçün yalnız həqiqi iman işığında Quran və məsum öndərlərin göstərişlərinə əməl etmək lazımdır. Peyğəmbərlər – Allahın seçdikləri: Bu ayənin nazilolma səbəbi ilə bağlı qeyd olunanlardan belə başa düşülür ki, bəzi müşriklər yaşları, gücləri və sərvətlərinin Peyğəmbərin (s) yaşı, gücü və sərvətindən çox olduğunu düşünərək, özlərini peyğəmbərliyə daha layiq bilirdilər[51]. Amma məlumdur ki, peyğəmbərlik yaş, sərvət və mövqe ilə müəyyən edilmir. Bunun üçün insanın mənəvi hazırlığı, daxili təmizliyi, əxlaqi və insani xüsusiyyətləri, günahdan uzaq, təqvalı olması şərtdir. Bunu isə Allahdan başqa heç kəs bilmir. Peyğəmbərin canişini də vəhy və qanunvericilik istisna olmaqla, peyğəmbərin bütün xüsusiyyətlərinə və keyfiyyətlərinə malik olmalıdır. Yəni həm dinin mühafizəçisi, həm insanların maddi və mənəvi rəhbəri, öz vəzifəsini daha yaxşı yerinə yetirmək və insanlara nümunə olmaq üçün günahsızlıq və məsumluq məqamında olmalıdır. Bu baxımdan o da Allah tərəfindən təyin edilməlidir. Çünki yalnız Allah bilir ki, imam kim olmalıdır[52]. Allah düz yola yönəltmək istədiyi şəxsin köksünü İslam üçün açıb genişləndirər, azdırmaq istədiyi şəxsin köksünü sanki o, göyə qalxırmış kimi daraldar. Allah iman gətirməyənlərə pisliyi belə edər! Bu, Rəbbinin doğru yoludur. Biz ayələrimizi nəticə çıxaran insanlar üçün aydınlatdıq. Onlar üçün Rəblərinin yanında əmin-amanlıq yurdu olacaq. Etdikləri əməllərə görə Allah onların hamisidir. Onların hamısını toplayacağı gün (Allah): “Ey (şeytanlar və) cin tayfası, siz insanların bir çoxunu yoldan çıxartdınız”, – deyə buyuracaq. Onların insanlardan olan dostları deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən bəhrələndik (biz ötəri ləzzətlərə nail olduq, onlar bizə hökmranlıq etdilər) və bizim üçün müəyyən etdiyin əcəlimiz gəlib çatdı!” (Allah) buyuracaq: “Sizin yeriniz oddur. Allahın istədiyi şəxslər istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Sənin Rəbbin hikmət, elm sahibidir! Bu qayda ilə etdikləri əməllərə görə bəzi zalımları digər bəzisinə həvalə edərik. Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və belə bir günlə qarşılşacağınızla qorxudan peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik! (Bəli, biz pis iş tutmuşuq.)” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə özlərinə qarşı şahidlik edəcələr. Bu, ona görədir ki, Rəbbin şəhər və kəndlərin əhalisini bilməzlik və xəbərsizlik üzündən etdikləri zülmlərə görə məhv etməz! ————————————————————————————– Köksün genişləndirilməsi: “Köks” deyilərkən burada ruh, fikir nəzərdə tutulmuş, əksər yerlərdə bu mənada işlədilmişdir. “Köksün genişliyi” deyilərkən isə ruhun böyüklüyü, fikrin yüksəkliyi, insanın əqli diapazonunun daha iri miqyası nəzərdə tutulur. Çünki haqqı qəbul etmək üçün insanın öz şəxsi mənfəətlərinə daha çox göz yumması lazımdır. Bunu isə yalnız yüksək fikir sahibləri, ruhu geniş olan insanlar bacara bilərlər. Allah-taala bu ayədə köksün genişliyini böyük nemətlərdən, köksün darlığını isə ilahi cəzalardan biri kimi təqdim etmişdir. Buna görə də Allah-taala Öz peyğəmbərinə bəxş etdiyi böyük nemətlərdən birinə “İnşirah” surəsinin birinci ayəsində işarə edərək buyurmuşdur: “Sənin köksünü genişləndirib açmadıqmı?” Bunu insanların müxtəlif vəziyyətləri əsasında daha yaxşı müşahidə etmək olar. Bəzi insanların ruhu o qədər böyükdür ki, istənilən hadisəni, böyüklüyündən asılı olmayaraq, qəbul etməyə hazırdırlar. Bəzi insanların ruhu isə hətta heç bir həqiqətin təsir edə bilməyəcəyi dərəcədə dar və məhduddur. Onların həyatı gündəlik məişət problemləri, yatmaq və yeməklə məhdudlaşır. Əgər dünya onlara verilsə, hər şey yaxşıdır, yox əgər azacıq dəyişiklik müşahidə etsələr, nəzərlərində hər şeyin sonu çatır, hər şey viran qalır. Bu ayə nazil olduqdan sonra Peyğəmbərdən (s) “köksün genişliyi nədir?” – deyə soruşulduqda, buyurmuşdur: “Allahın istədiyi hər kəsin qəlbinə saldığı nurdur. Bu nurun işığında həmin insanın ruhu genişlənir, açılır.” Soruşdular: “Bunu göstərən bir əlamət varmı?” Peyğəmbər (s) buyurdu: “Bəl, axirət evinə diqqət ayrmaq, aldadıcı dünyaya göz yummaq, ölüm insanı haqlamamış ölümə hazır olmaq (iman, saleh əməl, haqq yolunda ciddi cəhdlə çalışmaq).”[53] Cənnətdə əmin-amanlıq neməti: Cənnət əhlinin ən böyük nemətlərindən biri arxayınlıq və əmin-amanlıqdır. Ayədə işarə edilən bu nemət ən böyük nemətlərdən biridir. Əgər bircə an əmin-amanlıq olmasa, qəm-kədər insanı öz təsiri altına alar. Sözügedən həqiqəti təhlükəli səhralarda, hər an raket və bombaların düşəcəyi müharibə zonalardında olan insanlar daha yaxşı dərk edərlər. Bu məkanlarda dirilik suyu zəhərə dönür, saatlar və dəqiqələr ağır gedir. Qeyd olunan şəraitdə Quranın Cənnət sakinləri ilə bağlı işlətdiyi ifadələrin həqiqətini və dərinliyini hiss etmək olar. Əlbəttə, Cənnət əhli hətta bu dünyada da imanları sayəsində özlərini əmin-amanlıqda hiss edirlər. Mömin insan Allaha həqiqi mənada təvəkkül etmək, Onun təqdirinə razı olmaq və iradəsi önündə təslim olmaqla ən ağır çətinlikləri belə, xüsusi sakitliklə qarşılayır. “Yunus” surəsinin 62 və 63-cü ayələrində belə buyurulmuşdur: “Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər… Onlar üçün dünya həyatında da, axirət həyatında da şadlıq və sevinc var.”[54] Himayə və rəhbərliyin Qiyamətə qədər davam etməsi: Bu ayədə Allahın yuxarıda sözügedən şəxslərlə bağlı əbədi qanununa işarə edilmişdir. Allah-taala buyurur ki, zülmkarlar və haqq yoldan sapmışlar bu dünyada bir-birinin himayəçisi, rəhbəri, bələdçisi, yanlış yollarda yaxın yol yoldaşı və həmkarı olduqları halda, o biri dünyada bir-birini qoyub qaçacaqlar. Buna səbəb isə onların bu dünyada etdiyi əməllərin nəticəsidir. Çünki Qiyamət səhnəsi reaksiyaların iri miqyasda təzahür edəcəyi məkandır. Orada qarşımıza çıxanlar bizim bu dünyada etdiklərimizin inikasıdır[55]. Əhli-beyt (ə) hədislərində bu ayə haqqında belə buyurulmuşdur: “Bu dünyada qəbul etdikləri rəhbər və himayədarlar axirətdə də onların rəhbər və himayədarları olacaq. Qiyamət günü onlar bir yerdə olacaqlar.”[56] Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir! Rəbbin ehtiyacsız və mehribandır. İstəsə, sizi başqa xalqların nəsillərindən yaratdığı kimi, sizi də aparıb yerinizə dilədiyini gətirər. Sizə vəd edilən şübhəsiz ki, gələcəkdir. Siz onu (Allahı) aciz qoya bilməzsiniz (ədalətindən, mükafat və cəzasından qaça bilməzsiniz). De: “Ey mənim qövmüm, əlinizdən gələni edin. Mən də (öz vəzifəmi) yerinə yetirirəm. Amma tezliklə kimin aqibətinin yaxşı olacağını biləcəksiniz. Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar! (Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırıb öz (batil) gümanları ilə: “Bu, Allahın, bu da (Allaha) şərik qoşduğumuz bütlərindir!” – dedilər. Onların şərik qoşduqları üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə şərik qoşduqlarına çatardı. (Bütlərin payında çatışmazlıq olsaydı, Allahın malını bütlərə verərdilər. Amma əksini düzgün hesab etməzdilər.) Onların verdikləri hökm necə də pisdir! Beləcə, ortaqları (bütləri) müşriklərə övladlarını öldürməyi onlara yaxşı bir iş kimi göstərdilər, onları məhvə sürüklədilər və dinlərini onlara şübhəli göstərdilər. Əgər Allah istəsəydi, bunu etməzdilər. (Qarşılarını ala bilərdi. Amma məcburiyyətin heç bir faydası yoxdur.) Onları da, uydurduqları yalanları da başlı-başına burax! ————————————————————————————– Ölüb-dirilməni xatırlamağın zərurəti: Deyilənə görə, Üsamə ibn Yezid yüz dinara bir kəniz alır, ancaq məbləği bir aya ödəyəcəyini razılaşdırır. Xəbər Peyğəmbərə (s) çatdıqda buyurur: “Üsamənin bu davranışına təəccüblənmirsiniz? Bir kəniz alıb və pulunu br aya ödəmək istəyir. Üsamə uzun arzularla yaşayır. Canım əlində olan Allaha and olsun ki, mən gözümü qırpanda onun açılacağına ümidim olmur. Gözüm açıq olanda isə onu yuma biləcəyimə ümid bəsləmirəm. Tikəni ağzıma qoyanda onu udacağıma ümidim olmur. Ey Adəm övladları, əgər yaxşı düşünsəniz, gərək özünüzü hər zaman ölülərin arasında görəsiniz. And olsun canım əlində olan Allaha, sizə vəd verilən şübhəsiz ki, gələcək və siz Allahı aciz qoya bilməzsiniz.”[57] Allahın payı və bütlərin payı: Ayənin “onların şərik qoşduqları üçün olan hissə Allaha çatmaz, Allah üçün olan hissə isə şərik qoşduqlarına çatardı” cümləsini şərh edərkən təfsirçilər ayənin tarixi bir hadisə haqqında nazil olduğunu qeyd edirlər. Belə ki, müşriklərin əkinlərindən və heyvanlarından Allah üçün ayırdıqları paya hər hansı hadisə nəticəsində ziyan dəysəydi, deyərmişlər: “Eybi yoxdur, Allah onsuz da ehtiyacsızdır.” Yox əgər bütlər üçün ayırlmış pay sıradan çıxsaydı, Allahın payını onun yerinə qoyar və deyərmişlər: “Bütlərin çox böyük ehtiyacı var.” Habelə, Allahın payı hesab edilən tarlanın suyu bütlərin payı olan tarlaya axsaydı, deyərmişlər ki, eybi yoxdur, Allah ehtyacsızdır. Yox, əgər hadisə əksinə baş versəydi, suyun qarşısını alar və deyərmişlər ki, bütlərin daha çox ehtiyacı var. Buna görə də ayənin sonunda sözügedən inanc pislənmiş və “verdikləri hökm necə də pisdir”, – deyə buyurulmuşdur. Bütpərəstlik yanlış və əsassız bir davranış olmaqla yanaşı, bütpərəstlərin davranışlarının çirkin olmasının dəlillərini belə sıralaya bilərik: 1. Hər şey Allah tərəfindən yaranmış və hər şeyin maliki Allah olduğu, habelə bütün mövcudat Onun tərəfindən idarə edildiyi halda, onlar kainatın yalnız cüzi bir hissəsini Ona aid edirdilər. Sanki hər şeyin əsl maliki onlar özləri idi və bölgü aparmaq da onların haqqı idi. 2. Onlar bu bölgülərində bütlərə daha çox üstünlük verirdilər. Allaha aid edilən paya ziyan toxunması heç bir əhəmiyyət daşımırdı. Lakin bütlərin payına ziyan dəysəydi, Allahın payı ilə bu ziyanı aradan qaldırar, Allahın payından götürüb bütlərə verərdilər. Bu ayrıseçkilik bir növ bütlərin Allahdan üstün tutulduğunu göstərirdi. 3. Hədislərdə qeyd edilir ki, onlar bütlərə daha çox diqqət ayırırdılar. Çünki bütlərə hamilik edənlər, onların xidmətçiləri və bütpərəstlərin özləri bütlərin payını özləri yeyir, Allahın payını isə uşaqlara və qonaqlara verirdilər. Faktlar göstərir ki, kök və yağlı qoyunlar və dənli bitkilər bütlərin payı idi. Onlar bununla öz qarınlarını fikirləşirdilər. Bütün bunlar göstərir ki, bölgü zamanı onlar hətta Allaha bütlər qədər də qiymət vermirdilər. İnsanın dəyərsiz daş və taxta parçasını kainatın yaradıcısından üstün tutması necə də çirkin və utancvericidir. Ağıl və təfəkkürün bundan da artıq tənəzzülə uğradığını təsəvvür etmək olarmı?[58] Övladların bütlərə qurban edilməsi: “Bütlər müşriklərə övladlarını öldürməyi onlara yaxşı bir iş kimi göstərdilər”. Yəni bütlərin bütpərəstlərin ürəyində olan yeri, mövqeyi və sevgisi elə bir həddə idi ki, bəzi müşriklər onlara daha da yaxın olmaq üçün hətta öz övladlarını da onların yolunda qurban etməyə, öldürməyə hazır idilər. Tarixdə bütpərəst və ulduzpərəstlərin bu davranışlarını təsdiq edən faktlar var. Əlbəttə, bu hadisə Bəni-Təmim qəbiləsinin öz qızlarını diri-diri basdırması hadisəsindən fərqlənir. Bu ayədə qız və oğlan olmasından asılı olmayaraq, övladların öldürülməsindən söz açılır. Halbuki övladları diri-diri basdırmaq yalnız qız uşaqlarına aid idi[59]. Dedilər: “Bu davarlar və əkinlərin bir hissəsi (bütlərə aid olan hissəsi hər kəsə) haramdır, ondan yalnız bizim istədiklərimiz yeyə bilər. Bunlar minilməsi (bizə) qadağan edilmiş heyvanlardır”. Elə heyvanlar da var idi ki, onların üzərində (onları kəsərkən) Allahın adını çəkməzdilər. Bütün bunları (Allahın əmri adı ilə) Allaha iftira yaxaraq edərdilər. Tezliklə (Allah) iftiralarının cəzasını verəcəkdir. Habelə dedilər: “Bu heyvanların qarınlarındakı (balalar) yalnız bizim kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”. Əgər ölü doğularsa, hər kəs (kişilər və qadınlar) onda ortaqdır. Tezliklə (Allah) onlara (bu yalan) vəsflərinin (yalan hökmlərinin) cəzasını verəcəkdir. O, hikmət, elm sahibidir! Cahillik və nadanlıq üzündən öz uşaqlarını öldürənlər Allahın onlara verdiyi ruzini özlərinə haram etdikləri və Allaha iftira atdıqları üçün şübhəsiz ki, ziyana uğramışlar. Həqiqətən, onlar (haqq yoldan) azmış, doğru yolu tapa bilməmişlər. Talvarlı və talvarsız bağları yaradan Odur. Həm meyvə, həm də dad baxımından bir-birindən fərqlənən xurma və taxıl növlərini, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman meyvəsindən yeyin, yığım vaxtı haqqını ödəyin, ancaq israf etməyin. (Allah) israf edənləri sevməz! Yük daşıyan və (başqa məqsədlər üçün) kiçik heyvanları da O yaratdı. Allahın sizə verdiyi ruzilərdən yeyin və Şeytanın yolu ilə getməyin ki, o, sizin açıq-aşkar düşməninizdir. ——————————————————————————————– Bütpərəstlərin bəzi xurafat inancları: Bu ayədə bütpərəstlərin düşüncə və təfəkkürlərinin dayaz olduğundan xəbər verən bəzi xurafat inanclara işarə edilir və əvvəlki ayələr təkmilləşdirilir. Oncə onların “bu davarlar və əkinlərin bir hissəsi (bütlərə aid olan hissəsi hər kəsə) haramdır, ondan yalnız bizim istədiklərimiz yeyə bilər”, – dedikləri qeyd edilir. Bunu deyərkən əslində onlar bütlərə xidmət göstərənlər və bütxanaların rəhbərlərini nəzərdə tuturdular. Bütlərə ayrılmış paydan yalnız həmin insanlar yeyə bilərdilər. Buradan o da başa düşülür ki, ayənin bu hissəsində bütlər üçün əkin məhsulları və heyvanlardan ayrılmış paydan necə istifadə edilməsinə işarə edilmişdir. Öncəki iki ayənin şərhində bu məsələyə işarə edildi. Sonra Allah-taala bütpərəstlərin haram etdiyi şeylərə toxunur. Onlar hesab edirdilər ki, bəzi heyvanlara minmək olmaz. Ola bilsin ki, burada “Maidə” surəsinin 103-cü ayəsində “saibə, bəhirə, hami”, – deyə qeyd edilmiş heyvanlara işarə edilmişdir. Daha sonra Allah onların başqa bir çirkin hökmünə işarə edərək buyurmuşdur: “Elə heyvanlar da var idi ki, onların üzərində (onları kəsərkən) Allahın adını çəkməzdilər.” Ola bilsin ki, burada başlarını kəsərkən bütlərin adının çəkildiyi və ya bəzi təfsirçilərə görə, həccə gedərkən minilməsi qadağan edilən heyvanlar nəzərdə tutulmuşdur. Hər iki halda hökmləri əsassız və xurafat olmuşdur[60]. Sonrakı ayədə müşriklərin heyvan ətləri ilə bağlı başqa bir xurafat hökmünə işarə edilərək buyurulmuşdur: “Bu heyvanların qarınlarındakı (balalar) yalnız bizim kişilərə məxsusdur, onlar qadınlarımıza haram edilmişdir”. Əgər ölü doğularsa, hər kəs (kişilər və qadınlar) onda ortaqdır.” Onlar hesab edirdilər ki, əgər heyvan diri doğulsa, yalnız kişilərə məxsusdur, yox əgər ölü doğulsaydı, hər kəs onda ortaq idi. Öncə qeyd edək ki, bu hökmün heç bir məntiqi və fəlsəfi əsası yoxdur. İkincisi, ölü heyvanın ətinin ziyanlı olduğunu nəzərə alsaq, belə bir hökmün çıxarılması çox çirkin bir davranış idi. Üçüncüsü, hökmdə qadın və kişi ayrıseçkiliyi var. Çox utancverici haldır ki, yaxşı olan yalnız kişiyə aid olur, pis olana isə qadınlar da ortaq edilir[61]. Məhsul yığılarkən yoxsulların hüquqlarının unudulmaması: Bilməliyik ki, “yığım vaxtı vacib olan haqq” deyilərkən zəkat nəzərdə tutulmamışdır. Çünki ayədə işarə edilən bəzi meyvələrə zəkat düşmür. Digər tərəfdən isə, bu ayə Məkkədə nazil olduğu halda, zəkat hökmü Mədinədə nazil olmuşdur. Deməli, bu ayəyə əsasən, məhsul yığımı vaxtı yoxsulların həmin məhsulda haqqı vardır. Həmin haqqı həm ağıl qəbul edir, həm də din sədəqə adı altında təsdiq edir. İmam Sadiq (ə) buyurmuşdur: “Əkinin iki haqqı var: alınmalı haqq; verilməli haqq. Alınmalı haqq vacib zəkatdır. Amma insanın öz istəyi ilə verdiyi haqqa ayədə “yığım vaxtı haqqını ödəyin”, – deyə işarə edilmişdir. Yığım deyilərkən yığıma başladıqdan məhsulun bir yerə toplandığı vaxta qədər olan müddət nəzərdə tutulur.” İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Toplanmış məhsulunuzdan yanınıza gəlmiş hər bir müsəlmana pay verin. Əgər heç bir müsəlman gəlməsə, müşrikə verin.” Deyilənə görə, Mədinədə xurma yığımı vaxtı xurma salxımını ağacdan qoparıb məscidə qoyarmışlar. Yoxsullar gələr və çubuqla həmin salxıma vurub tökülən xurmalardan yeyərmişlər[62]. (Sizin üçün) səkkiz cüt heyvan yaratdı: bir cüt qoyun və bir cüt keçi. De: “Allah onların hansını haram edib? Erkəklərini, ya dişilərini? Yoxsa dişilərin qarınlarındakını? Əgər doğru deyirsinizsə, (onların haram olmasına) dəliliniz varsa, mənə xəbər verin!” Həmçinin (sizin üçün) bir cüt dəvə və bir cüt inək (yaratdı). De: “Allah onların hansını haram edib? Erkəklərini, ya dişilərini? Yoxsa dişilərin qarınlarındakını? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (bu qadağaya) şahid idiniz? Bilməməzliyi üzündən insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Allah zalımları əsla doğru yola yönəltməz! De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, (heyvanın bədənindən) çölə axmış qan, donuz əti və ya Allahdan başqasının (bütlərin) adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Amma məcburiyyət qarşısında qalan (bu haramları yeməyə məcbur olan), ləzzət qəsdi olmayan və həddi aşmayan şəxsə (günah yoxdur)”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir! Yəhudilərə dırnaqlı (dırnağı bütöv olan) heyvanların hamısını haram etdik. İnək və qoyunların bellərinə və ya hər iki tərəfdən böyürlərinə yapışmış, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də yəhudilərə haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Biz doğru danışırıq! —————————————————————————————- 143 və 144. Müşriklərin Allaha iftira atması: Bu iki ayədə əti halal olan bəzi heyvanların, habelə həm yük daşımaq, həm də qida üçün uyğun olan bəzi heyvanların adları qeyd edilmişdir. Bu heyvanların ətini halal və ya haram etmək həmin heyvanları, insanları və bütün kainatı yaradan Allahın işi olduğu üçün, onların halal və ya haram olması iddiası ya ağılla sübuta yetirilməli, ya vəhy vasitəsilə təyin edilməli, yaxud da sözügedən əmr elan edilərkən Peyğəmbərin (s) yanında olmaq lazımdır. Bu surənin 143-cü ayəsində açıq şəkildə bildirilir ki, bu heyvanları haram etmək üçün müşriklərin heç bir əqli və elmi sübutları olmamışdır, eyni zamanda vəhy və peyğəmbərlik iddiasında da deyildilər. Deməli, yeganə ehtimal onların bu barədə vəhy gələrkən Peyğəmbərin (s) yanında olduqlarını iddia etmək olmalıdır. Buna görə də 144-cü ayədə Allah-taala belə buyurur: “Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (bu qadağaya) şahid idiniz?” Təbii ki, müşriklərin bu suala cavabları mənfi olacaq. Bu da onların bu məsələdə yalnız böhtan və iftiraya əl atdıqlarını sübuta yetirir[63]. Haram ətlər və heyvanların kəsilmə hökmləri: Bu ayədə “heyvan” sözünün yerinə “fisq” sözündən istifadə edilmişdir. “Fisq” bəndəçilik çərçivəsindən çıxmağa və Allahın əmrinə itaət göstərməkdən boyun qaçırılmasına deyilir. Buna görə də bütün növ günahlara “fisq” deyilir. Sözügedən ayədə bu sözü işlətməkdə məqsəd bəlkə də haram ətlərin iki qrupa bölündüyünə işarə etməkdir: 1. Murdar və iyrənc, orqanizmə zərərli olduqları üçün haram edilmiş ətlər. Ayədə onlar “çirk” kimi də qeyd edilmişdir. Ayənin əvvəlində onlara murdar olmuş heyvan və donuz əti misal gətirilmişdir. 2. Çirkin olmayan, gigiyenik cəhətdən də orqanizmə ziyanlı olmayan ətlər. Bu ətləri yeməyin, əslində, etik və mənəvi ziyanları vardır. Başqa sözlə desək, günah yolunda və bütlərin adı çəkilərək kəsilmiş, bəndəçilikdən çıxmaq, Allahdan və tövhid inancından uzaqlaşmaq, şirk və bütpərəstlik, nəhayət, mənəviyyat, əxlaq və etiqad sağlamlığına riayət etməmək nəticəsində haram edilmiş heyvan əti. Buna görə də haram ətin gigiyenik cəhətdən haram edildiyini düşünmək sadəlövhlükdür. Bəzən haramlar əxlaqi və mənəvi cəhətdən zərərli olduqları üçün haram edilmişlər. Buradan da aydın olur ki, İslami kəsimin şərtləri də iki yerə bölünür: Dörd damarın kəsilməsi və qanın çölə axıdılması gigiyenik səciyyə daşıyır, qibləyə çevirmək, kəsərkən “bismillah” demək və kəsənin müsəlman olması mənəvi səciyyə daşıyır[64]. Bəzi haram ətlər və qidalar: Belə bir sual yarana bilər ki, nə üçün bu ayədə qidalarla bağlı olan haramlar dörd şeylə məhdudlaşdırılmışdır? Halbuki haram qidaların təkcə bunlardan ibarət olmadığını bilirik. Məsələn, pullu balıqlar və bu kimi digər canlılar istisna olmaqla, bütün su canlılarının haram edilməsini buna misal göstərmək olar. Ayədə isə bunlara qətiyyən işarə edilməmiş və haramlar dörd şeylə məhdudlaşdırılmışdır. Qeyd etməliyik ki, bu ayədə diqqət mərkəzində olan məsələ yalnız müşriklərin xurafat hökmləri ilə bağlı qadağadır. Başqa sözlə desək, ayə demək istəyir ki, Allahın buyurduğu haramlar sizin uydurduqlarınız deyil, bunlardır. Məsələyə daha da aydınlıq gətirmək üçün bir nümunəyə baxaq: Bir nəfər bizdən soruşur: Həsən və Hüseynin hər ikisi gəldi? Biz deyirik: Xeyr, təkcə Həsən gəldi. Burada məqsədimz təkcə Hüseynin gəlmədiyini bildirməkdir. Burada bizim nəzərdə tutmadığımız başqa adamların gəlməsinin isə heç bir maneçiliyi yoxdur. Bu cür məhdudlaşdırmaya əlavə və ya nisbi məhdudlaşdırma deyilir[65]. Digər tərəfdən, belə ehtimal edə bilərik ki, bu bir neçə hökm “Ənam” surəsi nazil olana qədər Məkkədə Peyğəmbərə (s) vəhy edilmiş, sonrakı illərdə Mədinə surələrində, yəni “Bəqərə” və “Maidə” surələrində gəlmişdir[66]. Əgər onlar səni yalançı hesab etsələr, de: “Rəbbiniz böyük mərhəmət sahibidir. Onun günahkarlara verəcəyi əzabın da qarşısı alına bilməz!” Tezliklə müşriklər belə deyəcəklər: “Əgər Allah istəsəydi, nə biz müşrik olardıq, nə də atalarımız. Nə də biz nəyisə haram edərdik.” Onlardan əvvəlkilər də bu cür yalan danışmış, sonda, əzabımızı dadmışdılar. De: “Bizə göstərə biləcək açıq-aydın bir dəliliniz varmı? Siz yalnız əsası olmayan zənnə qapılır və yersiz fərziyyələr uydurursunuz!” De: “Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər O istəsə, sizin hamınızı doğru yola yönəldər.” (Ancaq məcburiyyətin heç bir faydası olmadığı üçün bunu etmir.) De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Əgər onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin, axirətə inanmayanların və Allaha şərik qoşanların nəfslərinin istəklərinə uyma. De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Nə aşkarda, nə də gizlində pis işlərə yaxın durmayın. Allah toxunulmaz etdiyi insanı haqsız yerə qətlə yetirməyin. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız! —————————————————————————————– Allahın tutarlı və qətiyyətli dəlili: Allah-taala müşriklərin 148-ci ayədə qeyd edilən iddialarını puç çıxarmaq üçün bu ayədə onlara dəlil gətirərək deyir ki, Allah peyğəmbərləri vasitəsilə, habelə əqli yolla tövhid, halal və haram hökmlərlə bağlı doğru və aydın dəlillər göndərmişdir. Bunlar heç kəsin bəhanə gətirə bilməyəcəyi dəlillərdir. Buna görə də onlar iddia edə bilməzlər ki, Allah Öz sükutu ilə onların batil inanclarını və əməllərini təsdiq edir, habelə, əməl edərkən məcbur olduqlarını da idda edə bilməzlər. Çünki məcbur olsaydılar, dəlil və sübutların, peyğəmbərlərin göndərilməsinin, onların təbliğ və dəvətlərinin heç bir faydası olmazdı. Dəlil gətirilməsi özü də iradə azadlığının olmasını sübuta yetirən bir dəlildir. “Tutarlı və qəti dəlil” ifadəsindən Allahın insanlara bəyan etdiyi dəlillərin əqli, nəqli, elm, dərrakə vasitəsilə aydın, peyğəmbərlərin göndərlməsi ilə daha da aydınlaşdırıldığı başa düşülür. İlahi dəlillər heç kəsin tərəddüd və şübhə etməyəcəyi dərəcədə aydındır. Allah peyğəmbərləri ona görə bütün eyib və nöqsanlardan təmiz və məsum edib ki, heç bir şübhə və tərəddüdə yer qalmasın. İmam Kazim (ə) buyurmuşdur: “Allah insanlara iki dəlil göndərmişdir: görünən və görünməyən dəlillər. Görünən dəlillər peyğəmbərlər və imamlar, görünməyən dəlillər isə insanların ağlıdır.” İmam Sadiq (ə) bu ayənin təfsiri zamanı belə buyurmuşdur: “Allah-taala Qiyamət günü Öz bəndəsinə buyuracaq: “Mənim bəndəm, bilirdin? (Bilə-bilə günah edirdin?)” Əgər bəndə desə ki bəli, bilirdim, Allah buyuracaq: “Bəs nə üçün bildiyinə əməl etmirdin?” Əgər desə ki bilmirdim, xəbərsiz idim, buyuracaq: “Bəs əməl etmək üçün niyə öyrənmədin?” Bu zaman bəndə çıxılmaz vəziyyətdə qalacaq. “Tutarlı dəlil”in mənası budur.” Məlumdur ki, bu hədisdə Allahın dəlillərindən bir nümunəsi qeyd edilmişdir. Allahın dünyada və axirətdə çoxlu dəlilləri vardır[67]. Ata-anaya yaxşılıq: Allah-taala Quranın bir çox yerində tövhid və təkallahlıq inancına dəvət etdikdən dərhal sonra ata-anaya yaxşılıq edilməsini göstəriş vermişdir. (Bəqərə-83, Nisa-36, Loğman-14 və bu ayə) Bu ayələrdən belə başa düşülür ki, ata-anaya qarşı nankorluq ən böyük günahlardan və ya şirkdən sonra ən böyük günahdır[68]. Peyğəmbər (s) buyurmuşdur: “Ata-ananı incitməyin. Cənnətin ətri min illik yoldan hiss olunur, lakin ata-anasına əziyyət verənlər… onu duymazlar.”[69] Peyğəmbər (s) başqa bir hədisində belə buyurmuşdur: “Ata-anasına yaxşılıq edənlər Cənnətdə peyğəmbərlərdən bir dərəcə aşağıda olacaqlar, ata-analarını incidənlər isə Cəhənnəmdə fironlardan bir dərəcə yuxarıda olacaqlar.”[70] Qadağan edilmiş övlad qətli: Bu ayədə Cahiliyyət dövrünün ərəblərinin yanlış təəssübkeşlik üzündən təkcə qızlarını deyil, həmin dövrün cəmiyyətinin böyük sərmayəsi hesab edilən oğlanlarını da yoxsulluq qorxusundan öldürdüklərinə işarə edilmişdir. Allah-taala bu ayədə onlara ən zəif yaradılışa belə ruzi göndərdiyi nemətlər süfrəsinə baxmağı və bu işdən əl çəkməyi göstəriş verir. Çox təəssüflər olsun ki, Cahiliyyət dövrünün bu davranışı müasir dövrdə də başqa bir şəkildə təkrarlanır, günahsız körpələr embrion olarkən abort yolu ilə qətlə yetirilirlər[71]. Yetimin malına, daha yaxşı niyyət istisna olmaqla, həddi-büluğa çatana qədər yaxın durmayın. Ölçüdə və çəkidə ədalətli olun. Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allahla olan əhdə vəfalı olun. Bunlar Allahın sizə olan tapşırığıdır. Bəlkə, xatırlayasınız! Bu, Mənim düz yolumdur. Onu tutub gedin. Sizi haqq yoldan sapdıracaq əyri yollarla getməyin. Allah sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” Sonra Musaya hidayət və rəhmət mənbəyi olan kitab verdik. (Nemətlərimizi) yaxşı işlər görənlər üçün tamamladıq, hər şeyi aydınlaşdırdıq. Bəlkə Rəbləri ilə görüşəcəklərinə inansınlar! Bizim nazil etdiyimiz bu kitab bərəkətlidir. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin! Biz onu sizin: “Bizdən əvvəl kitab ancaq iki tayfaya (yəhudilərə və xaçpərəstlərə) nazil edilmişdir. Biz onların araşdırmasından xəbərsizik”,- deməməyiniz və ya: “Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq”, – söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri əsassız yerə üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq! —————————————————————————————- Yetim malını yeməkdən uzaq durmaq: Bu və 151-ci ayədə iki məsələ ilə bağlı “yaxın durmayın” ifadəsi işlənmişdir. Bu ifadə Quranda bəzi başqa günahlar haqqında da işlədilmişdir. Ehtimal ki, qeyd olunan ifadə zina, himayəsiz yetimlərin malının yeyilməsi və sair kimi qıcıq yaradan günahlar haqqında işlənmişdir. Buna görə də Quranda insanlara xəbərdarlıq edilir ki, şiddətli vəsvəsə və qıcıqlara məruz qalmamaq üçün bu günahlara yaxın durmasınlar[72]. Vəzifə güc və imkan həddindədir: “Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq” cümləsi bir suala cavab xarakteri daşıyır. Allah buyurur ki, yetim malına yaxşı niyyət istisna olmaqla yaxın durmayın, ölçüdə və çəkidə ədalətli olun. Kimsə hesab edə bilər ki, bu iki göstərişə yüz faiz əməl etmək qeyri-mümkündür. Çünki yetimlərin qəyyumları nə qədər diqqətli olsalar da, heç bir pis niyyət olmadan onların malları ilə bağlı kiçik də olsa, səhvə yol verə, habelə, ticarətçilər də eyni diqqəti sərgiləməklərinə baxmayaraq, heç bir qərəz olmadan səhv çəkə bilərlər. Bəs belə olan halda onların vəzifələri necə olacaq? Allah-tala bu suala belə cavab verir: “Biz hər kəsin boynuna yalnız gücü çatacaq qədər vəzifə qoyuruq.” Yəni özündə lazımı diqqəti göstərib, lakin səhvə yol vermiş insana cəza yoxdur[73]. Əhli-beyt (ə) Allah yolunun bariz nümunələridir: Hədislərin birində Peyğəmbərin (s) düz bir xətt çəkib: “Allah yolu belə düzdür”, sonra onun sağ və solundan xətlər çəkib: “Bu yollar Allah yolu deyil. Bunlardan elə birisi yoxdur ki, onun başında Şeytan durub insanları özünə doğru çağırmasın”, – deyə buyurduğu, daha sonra isə “bu, həqiqətən, Mənim düz yolumdur” ayəsini tilavət etdiyi qeyd edilmişdir. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Biz Əhli-beyt (ə) düz yoluq. Hər kəs bu yoldan üz çevirsə, o biri yollar onu gözləyər. Həmin yollarla irəliləyə bilər, ancaq kafir olar.” Əhli-beytin (ə) Allah yolunun bariz nümunələrindən olması şübhəsizdir. Kim onların ardınca getsə, şübhəsiz ki, məqsədə çatar. Sünni və şiə mənbələrində qeyd edilmiş hədislərdə düz yol deyilərkən İmam Əlinin (ə) nəzərdə tutulduğu qeyd edilmişdir[74]. Əhatəli və kamil din haqqında bir izah: Soruşula bilər ki, əgər Musanın (ə) dini kamil idisə (“tamamladıq” sözü də bunu ifadə edir), bəs ondan sonra Məsihin (ə) gətirdiyi dinə və daha sonra İslam dininə nə lüzum var idi? Yaddan çıxarmaq olmaz ki, hər bir din öz dövrünə uyğun olaraq əhatəli və kamildir. Allah tərəfindən natamam bir dinin göndərilməsi qeyri-mümkündür. Sadəcə, bir dövr üçün tam və kamil olan bir din sonrakı illərdə natamam və yetərsiz ola bilər. İbtidai sinif üçün əhatəli və kamil olan bir təhsil proqramının orta təhsil pilləsi üçün yetərsiz olduğunu buna misal göstərə bilərik. Səmavi kitabların göndərilməsi və sonuncu Peyğəmbərə (s) və sonuncu qanuna qədər çoxlu sayda peyğəmbərlərin göndərilməsinin səbəbi də elə budur. Bəşəriyyət sonuncu qanunu qəbul etməyə hazır olduğu vaxt sonuncu qanun göndərildi və artıq yeni dinə ehtiyac qalmadı. Təhsilini başa vurmuş insanın sonradan əldə etdiyi məlumatlar əsasında tədqiqatlar aparıb elmi inkişafa nail ola bildiyini buna misal göstərə bilərik. Qeyd olunan cəhətdən bu dinin davamçılarının da yeni dinə ehtiyacı yoxdur, sonuncu dindən yetərincə ilham ala bilərlər.[75] Yalnız mələklərin, yoxsa Allahın Özünün, yaxud da Rəbbinin bəzi Qiyamət əlamətlərinin gəlməsinimi gözləyirlər? Rəbbinin bəzi Qiyamət əlamətləri gələcəyi gün öncədən iman gətirməmiş və ya iman gətirdikdən sonra yaxşı bir iş görməmiş şəxsə heç bir xeyir olmayacaq. De: “Gözləyin, doğrusu, biz də gözləyirik!” Şübhəsiz ki, sənin, dinlərini parçalayıb firqə-firqə olmuşlarla heç bir əlaqən yoxdur. Onların işi Allahladır. Allah sonra onları nə etdiklərindən xəbərdar edəcəkdir! Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz. De: “Rəbbin məni doğru yola, haqq və əbədi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!” De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə əmr edilmişdir və mən ilk müsəlmanam!” De: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbb istəyərəm? “Hər kəsin qazandığı günah ancaq özünə aiddir. Heç bir günahkar başqasının günahını daşımaz. Axır dönüşünüz Rəbbinizədir. İxtilaf etdiyiniz məsələ barəsində sizə xəbər verəcəkdir. İxtiyarınıza verdiyi nemətlər vasitəsilə sınamaq üçün sizi yer üzündə xəlifə təyin edən, dərəcələrə görə birinizi diğərinizdən üstün edən Odur. Həqiqətən, sənin Rəbbin sürətli cəzalandıran, bağışlayan, rəhm edəndir! (İmtahan və sınaqdan çıxmayanların cəzasını tez verən, haqq axtarışında olanlara qarşı mehribandır.) —————————————————————————————— Kafirlərin yersiz gözləmələri: Bu ayədə Allah kafirlərin inadkarlığı, qəlb korluqları və əsla iman gətirməyəcəyindən xəbər verir. Onlar elə bir günü gözləyirlər ki, həmin gün iman gətirmək mümkün deyil. Əgər mümkün olsa belə, heç bir faydası yoxdur. Onlar üç şeydən birini gözləyirlər: 1. Mələklərin gəlişini. Ancaq bilməlidirlər ki, mələklərin onlar üçün enməsi əzabla müşayiət ediləcək (Hicr surəsi-8). 2. Allah gəlişini və Onu öz gözləri ilə görmələrini. “Allah Özü gəlsin” deyərkən Qiyamət gününün tez gəlməsi, kafirlərin gözləri önündən pərdələrin qalxması, Allahın əzəmət və gözəllik sifətləri ilə hər kəsə görünməsi nəzərdə tutulur. Yəni Onun təkliyi, elmi və qüdrəti elə təzahür edəcək ki, inkar etmək üçün heç kəsin bəhanəsi qalmayacaq. Əgər onlar bunu nəzərdə tuturlarsa, təbii ki, həmin gün imanın heç bir faydası olmayacaqdır. 3. Qiyamətdən xəbər verən bəzi əlamətlərin gəlişini. Bu əlamətlər ehtimal ki, iki qrupa bölünür: 1. Qiyamətin əlamətləri. (Mühəmməd surəsi-18); 2. Qiyamət gününün hadisələri. Yaranış sisteminin bir-birinə dəyməsi bu hadisələrdəndir. Həmin vaxt da daha öncə iman gətirməmiş şəxslərin imanının onlar üçün heç bir faydası olmayacaqdır[76]. Təfriqə Allaha ibadət edən ümmətlərin bəlasıdır: Bu ayənin məzmunu keçmiş ümmətlərə və ya indiki ümmətə mənsub olmasından asılı olmayaraq, Allah bəndələri arasına nifaq və ixtilaf toxumu səpən, (dində olmayanı dinə gətirmək kimi) müxtəlif bidətlər yaradan bütün təfriqəçi (ekstremist) fərdlərə şamil olur. Əhli-beyt (ə) hədislərində, habelə sünni mənbələrində yer almış hədislərdə bu ayə ilə bu ümmətin haqq yoldan azmışlarına, təfriqəçilərinə və bidətçilərinə işarə edildiyi nümunə kimi qeyd edilmişdir. Çünki bu nümunələr açıqlanmasaydı, bəziləri yaxalarını kənara çəkib ayədə başqa adamların nəzərdə tutulduğunu təsəvvür edərdilər. İmam Baqir (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bu ayədə möminlərin əmiri İmam Əlidən (ə) ayrı düşüb müxtəlif dəstələrə bölünmüş şəxslərə işarə edilmişdir.” Bu ümmətin parçalanacağını öncədən xəbər verən Peyğəmbər (s) hədisi də bu həqiqəti təsdiq edir[77]. Birə on: Əbuzərin Peyğəmbərə (s) istinadən nəql etdiyi bir hədisdə belə deyilir: “Allah buyurur ki, yaxşı işi on dəfə artırıb çoxaldıram, pisliklərə bir cəza verirəm və ya bağışlayıram. Vay olsun təkləri onlardan çox olanların (pis işləri bir, yaxşı işləri on hesab edildiyi halda, günahları savablarından çox olanların) halına!”[78] [1] Müşriklərin inancına görə yerin bir, göylərin başqa, müharibənin, sülhün və sairənin başqa-başqa yaradanı və idarə edəni var idi. Bu ayədə həmin inancın puç olduğu, yer və göyün bir yaradanı və bir idarə edicisi olduğu bildirilir. [2] Əl-Mizan, c.7, səh.5 [3] Nümunə, c.5, səh.146 [4] Nümunə, c.5, səh.148 [5] Nümunə, c.5, səh.161 [6] Nümunə, c.5, səh.165 [7] Nümunə. c.5, səh.166 [8] Əl-Mizan, c.7, səh.38-43 [9] Əl-Mizan, c.7, səh.41-44 [10] Əl-Mizan, c.7, səh.44 [11] Nümunə, c.5, səh.201 [12] Əl-Mizan, c.7, səh.56 [13] Nümunə, c.5, səh.207 [14] Nümunə, c.5, səh.221-227 [15] Nümunə, c.5, səh.239 [16] Ətyəbül-bəyan, c.5, səh.69 [17] Əl-Mizan, c.7, səh.97 [18] Nümunə, c.5, səh.251 [19] Əl-Mizan, c.7, səh.107-113 [20] Mənşuri-cavid,c.8, səh.237 [21] Əl-Mizan, c.7, səh.135 [22] Nümunə, c.5, səh.282 [23] Əl-Mizan, c.7, səh.140 və 155 [24] Əl-Mizan, c.7, səh.144 və 157 [25] Nümunə, c.5, səh.287 [26] Əl-Mizan, c.7 səh.147 [27] Nümunə, c.5, səh.294 [28] Əl-Mizan, c.7, səh.149 [29] Əl-Mizan, c.7, səh.167 [30] Əl-Mizan, c.7, səh.176 [31] Təfsiri-mövzui, c.2, səh.91 [32] Təfsiri-mövzui, c.12, səh.234 [33] Əl-Mizan, c.7, səh.213 [34] Əl-Mizan, c.7, səh.207 [35] Əl-Mizan, c.7, səh.268 və 267 [36] Nümunə, c.5, səh.341 [37] Əl-Mizan, c.7, səh.315 [38] Nümunə, c.5, səh.344 [39] Əl-Mizan, c.7, səh.293 [40] Nümunə, c.5, səh.360 [41] Nümunə, c.5, səh.367 [42] Əl-Mizan, c.7, səh.300 [43] Nümunə, c.5, səh.381 [44] Nümunə, c.5, səh.394 [45] Əl-Mizan, c.7, səh.331 [46] Müşriklərin “Bədr” döyüşündə məğlub olacağına, Əbu Cəhl və bir neçə Qüreyş başçısının həmin quyuya atılacağına işarə etmişdir. [47] Nəhcül-bəlağə, 234-cü xütbə [48] Nümunədən iqtibas, c.5, səh.407 [49] Əl-Mizan, c.7, səh.344 [50] Nümunə, c.5, səh.424 [51] Nümunə, c.5, səh.430 [52] Nümunə, c.5, səh.431 [53] Nümunə, c.5, səh.436 [54] Pəyame-Quran, c.6. səh.286 [55] Nümunə, c.5, səh.440 [56] Əl-Mizan, c.7, səh.369 [57] Əl-Mizan, c.5, səh.449 [58] Nümunə, c.5, səh.449 [59] Əl-Mizan, c.7, səh.372 [60] Nümunə, c.5, səh.455 [61] Nümunə, c.5, səh.457 [62] Əl-Mizan, c.7, səh.375 [63] Nümunə, c.6, səh.9 [64] Nümunə, c.6, səh.13; Təfsiri-Kaşif, c.3, səh.471 [65] Nümunə, c.6, səh.15 [66] Təfsiri-Kaşif, c.3, səh.471 [67] Nümunə, c.6, səh.24 [68] Əl-Mizan, c.7 ,səh.386 [69] Vəsailüş-şiə, c.21, səh.501 [70] Müstədrəkül-vəsail, c.15, səh.176 [71] Nümunə, c.6, səh.34 [72] Nümunə, c.6, səh.34 [73] Əl-Mizan, c.7, səh.388 [74] Əl-Mizan, c.7, səh.398 [75] Nümunə, c.6, səh.40 [76] Mənşuri-cavid,c.9, səh.252 [77] Nümunə, c.6, səh.49 [78] Nümunə, c.6, səh.57

1 2 3 4 5 6 7