Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Təfsiri-Nümunə Ayətullah Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri

Əl-Fatihə Surəsinin Ayələrinə Qayıt →
Əl-Fatihə Surəsi • Təfsiri-Nümunə • Bölüm 2

Fatihə surəsi

# Fatihə surəsi

Bu surə Məkkədə nazil olub və 7 ayədən ibarətdir

RƏHMAN VƏ RƏHİM ALLAHIN ADI İLƏ



Həmd surəsinin özəllikləri.



Qurani-Kərimin surələri arasında özünəməxsus yeri olan bu surə aşağıdakı məziyyətləri ilə fərqlənir:

1\. Surənin ahəngi.



"Həmd" surəsi öz ahənginə görə Quranın digər surələrindən tamamilə fərqlənir. Çünki digər surələrin hamısı Allahın dilindən deyildiyi halda, bu surə bəndənin dilindən səslənir. Başqa sözlə desək, məhz bu surədə Allah-taala bəndələrə Onunla necə danışmağı, Onunla necə razü-niyaz etməyi öyrədir.

Allaha həmd-səna etməklə başlayan bu surə yaradılış və məad (allahıtanıma və axirətə iman) prinsiplərinə olan imanı etiraf etməklə davam edir, bəndələrin arzu və istəkləri ilə başa çatır.

Sağlam qəlbə malik olan hər bir düşüncəli insan bu surəni oxuyarkən, sanki özünün mələklərin qanadları üzərində göyə qalxdığını, anbaan Allaha yaxınlaşdığını hiss edir. Burada ən çox diqqəti cəlb edən məqam ondan ibarətdir ki, İslam dini qondarma və ya təhrif edilmiş dinlərdən fərqli olaraq Allah ilə bəndə arasında heç bir vasitənin olmadığını önə çəkir və bəndələrə çatdırır ki, Allah-taala ilə bilavasitə ünsiyyət qursunlar. Sanki "Həmd” surəsi bəndənin öz Allahı ilə ünsiyyətini əks etdirən bir tablodur. Bəndə yalnız Onu görür, təkcə Onunla ünsiyyət qurur, Onun sözlərini cani-dildən qəbul edir, Onunla danışır. Bu ünsiyyətdə hətta heç bir peyğəmbər və ya mələk də vasitəçi rolunu oynamır. Ən maraqlısı isə budur ki, Qurani-Kərim bəndənin Allah-taala ilə ünsiyyətində heç bir vasitənin olmadığı məhz bu surə ilə başlayır.

2\. Həmd surəsi Quranın əsasını təşkil edir.



Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə "Həmd” surəsi Quranın əsası olaraq təqdim edilmişdir. Hədis tam olaraq belədir: "Günlərin birində Cabir ibn Abdullah Ənsari Həzrət Peyğəmbərin (s) yanına gəldikdə o Həzrət (s) Cabirə belə buyurur:

# أَلاأُعَلِّمُكَأَفْضَلَسُورَةأَنْزَلَهااللهُفِىكتابه؟قالَفَقَالَلَهُجَابِرٌبَلَىبِأَبِيأَنْتَوَأُمِّىيارَسُولَاللهِعَلَّمْنِيهَافَعَلَّمَهُالْحَمْدَأُمَّالْكتاب


"Allahın Öz kitabında nazil etdiyi ən üstün surəni sənə öyrədimmi?" Cabir: "Əlbəttə, atam-anam sizə fəda olsun, ya Rəsulǝllah, öyrədin!" deyə cavab verir. Peyğəmbər (s) ona "Həmd” surəsini öyrədir. Daha sonra əlavə edərək buyurur ki, bu surə ölümdən başqa bütün dərdlərin dərmanıdır"

Həzrət Peyğəmbərdən (s) "Həmd" surəsi barədə nəql edilmiş başqa bir hədisdə isə belə deyilir:

# وَالَّذِينَفْسِيبِيَدِهِماأَنْزَلَاللهُفِىالتَّوْرَاةِ،وَلافِيالزَّبُورِ،وَلَافِيالْقُرْآنِمِثْلَهَا،


# هيَأُمُّالكتابعلا


"And olsun canım əlində olana, Allah nə Tövratda, nə Zəburda, nə İncildə, nə də Quranın özündə onun kimi ikinci surə nazil etməmişdir. O, Quranın əsasıdır".

“Həmd” surəsinin ümumi məzmununa diqqət yetirdikdə yuxarıdakı hədisin mənası tamamilə aydın olur. Çünki bu surə, demək olar ki, Quranın bütün mövzularını özündə ehtiva etmiş, onların qısa mündəricatını vermişdir. Onun bir hissəsi tövhid və Allahın sifətlərini, bir hissəsi mǝad və axirət gününü, bir hissəsi isə möminlərlə kafirləri bir-birindən ayıran "hidayət və azğınlıq"mövzusunu özündə əks etdirir. Həmçinin bu surədə Allah-taalanın mütləq hakimiyyətinə, eləcə də ümumi və xüsusi olaraq iki hissəyə bölünən sonsuz nemətlərinə, habelə yalnız Allaha bəndəçilik etmək məsələsinə toxunulmuşdur. Əslində, bu surə həm Allahın zatındakı, həm sifətlərindəki, həm feillərindəki, həm də ibadətdəki tövhidi bəyan edir. Başqa sözlə desək, burada imanın hər üç mərhələsi qəlbdə etiqad, dildə etiraf, həyatda əməl birləşmişdir. Bəlkə də, elə buna görə böyük İslam təfsirçisi İbn Abbas- dan nəql edilmiş bir hədisdə belə deyilmişdir:

# إِنَّلِكُلِّشَيْءٍأساساً... وَأَساسُالْقُرْآنالفاتحةُ


"Hər bir şeyin əsası olduğu kimi, Quranın da əsası "Fatihə" surəsidir".

Təsadüfi deyil ki, "Fatihə" surəsinin fəziləti haqqında Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə belə deyilir:

# أَيمامُسْلِمقَرَأَفَاتِحَةَالْكِتابِأُعْطِىَمِنَالْأَجْرِكَأَنَّمَاقَرَأَثُلُثَيِالْقُرْآنِوَأُعْطِيَمِنَالْأَجْرِكَأَنماتَصَدَّقَعَلَىكُلِّمُؤْمِنوَمُؤْمِنَةٍ


"Həmd" surəsini oxuyan hər bir müsəlmana Quranın üçdə ikisini oxuyan şəxsin savabı verilər (Başqa bir hədisdə bütün Quranı oxuyan şəxsin savabının verilməsi göstərilmişdir) və sanki o, bütün mömin kişi və qadına hədiyyə vermiş olar".

Bu hədisdə "Quranın üçdə ikisi" ifadəsinin işlədilməsini, bəlkə də, onunla izah etmək olar ki, Quranın üçdə biri Allah-taala, digər üçdə biri axirət dünyası, qalan üçdə biri isə praktiki əməllər barəsindədir. İlk iki hissə "Həmd" surəsində əks olunduğundan bu surəni oxuyan şəxsə, sanki Quranın üçdə ikisini oxumuş şəxsin savabı verilər. Başqa bir hədisdə deyilən bütün Quranın savabına gəlincə isə, bunu da onunla izah etmək olar ki, Quran ümumilikdə iman və əməl prinsipləri üzərində cəmləşmişdir və bunların da hər ikisi "Həmd" surəsində öz əksini tapmışdır.

3\. Həmd surəsi


- Həzrət Peyğəmbərin (s) böyük iftixarı f Quranın bəzi ayələrində "Həmd" surəsi Allah-taalanın Həzrət Peyğəmbərə (s) böyük neməti kimi təqdim edilmiş, hətta o, bütün Qurana bərabər tutulmuşdur. Aşağıdakı ayəyə diqqət yetirək:

وَلَقَدْآتَيْنَاكَسَبْعًامِّنَالْمَثَانِيوَالْقُرْآنَالْعَظِيمَ


(Biz sənə "təkrarlanan yeddi"ni ("Fatihə" surəsini) və əzəmətli Quranı verdik.)

Bu ayədə Quran bütün əzəməti ilə birlikdə "Fatihə" surəsi ilə qarşılaşdırılmışdır. Bu surənin ikinci dəfə nazil olması da onun həddən artıq böyük əhəmiyyətə malik olduğunun göstəricisidir. "Fatihə” surə- sinin "təkrarlanan yeddi" adlandırılması və eləcə də onun bir sıra digər məziyyətləri barədə bu kitabın 11-ci cildində - "Hicr" surəsinin 87-ci ayəsinin təfsirində daha ətraflı məlumat verəcəyik.

İmam Əli (ə) Allahın Rəsulundan (s) belə nəql etmişdir:

# أَفْرَدَالْإِمْتِنَانَعَلَيَّبِفَاتِحَةِالْكِتَابِوَجَعَلَهابِإِزاءِالْقُرْآنِالْعَظِيمِوَإِنَّفَاتِحَةَالْكِتَابِأَشْرَفُمَافِيكُنُوزِالْعَرْشِ


"Allah-taala "Fatihə" surəsini nazil etməklə mənə böyük minnət qoymuş, onu bütün Qurana bərabər tutmuşdur. "Fatihə" surəsi Allahın ərşindəki xəzinələrin ən dəyərli incisidir".

4\. Fatihə surəsinin oxunulmasına təkid.



Yuxarıda qeyd etdiklərimiz "Fatihə" surəsinin fəzilətlərinin çox cüzi bir hissəsidir. Bunları nəzərə aldıqda istər şiə, istərsə də sünni mənbələrində nəyə görə bu surənin oxunulmasına bu qədər təkid edilməsinin səbəbi məlum olur. Bu surəni oxumaq insana yeni ruh, təzə iman bəxş edir, onu Allaha daha da yaxınlaşdırır, qəlbi cilalayır, iradəsini möhkəmləndirir, Allah yolundakı səylərini daha da artırır, onunla günah arasında böyük maneə yaradır. Bununla əlaqədar olaraq İmam Sadiqdən (ə) nəql edilmiş bir hədisdə belə deyilir:

# رَنَّإِبْلِيسُأَرْبَعَرَنَاتأَوَّلُهُنَّيَوْمَلُعِنَ،وَحِينَأُهْبِطَإِلَىالْأَرْضِ،وَحِينَبُعِثَمُحَمَّدٌ (صلىاللهعليهوآلهعَلىحِينِفَتْرَةمِنَالرُّسُلِ،وَحِينَأُنْزِلَتْأُمُّالْكِتاب


"İblis dörd dəfə fəryad qoparmışdır: birincisi, Allah dərgahından qovulduqda, ikincisi, Cənnətdən qovulub yerə endikdə, üçüncüsü, uzun müddət peyğəmbərsizlik dövründən sonra Muhəmməd (s) peyğəmbər seçildikdə, dördüncüsü isə "Fatihə” surəsi nazil olduqda"."

Fatihə surəsinin ümumi məzmunu.



Bu surənin ehtiva etdiyi yeddi ayədən hər biri aşağıda qeyd edəcəyimiz olduqca mühüm bir məsələyə toxunur:

1\. “بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ”

(Rəhman və Rəhim Allahın adı ilə!) Bu cümlə hər bir işin başlanğıcına aid olub bizə çatdırır ki, hər bir işin əvvəlində yalnız Allahdan kömək diləmək lazımdır.

2\. “الْحَمْدُ لله رَبِّ الْعَالَمِين”

(Həmd aləmlərin rəbbi Allaha məxsusdur). Bu cümlə bütün nemətlərin Allaha məxsus olduğunu, bütün məxluqatı Onun idarə etdiyini çatdırır.

3\. “الرَّحْمَنِ الرَّحِيمِ”

(Rəhman və Rəhim olana) (ümumi və xüsusi rəhməti) hamını əhatə edən Allaha.)) Bu cümlə onu ifadə edir ki, yaradılışın, yetişdirmənin və hakimiyyətin əsası rəhmət və mərhəmətə əsaslanır. Dünyanın idarə edilməsi mərhəmət prinsipi üzrədir.

4\. “مَالك يَوْمِ الدِّين”

(Haqq-hesab (məhşər gününün sahibinə!)) Bu cümlə mǝad və əməllərin hesablanacağı günə və həmin gündə Allahın hakimlik edəcəyinə toxunur.

5\. “إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ”

((İlahi!) Yalnız Sənə ibadət edirik və yalnız Səndən imdad diləyirik!) Bu cümlə ibadətdə tövhid və insanların yalnız Allahdan mədəd diləməsinə işarə edir.

6\. “اهدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ”

(Bizi düz yola yönəlt!) Bu cümlə insanların zatǝn hidayət istəyində və doğru yola yönəlməyə meyilli olduğunu, eyni zamanda hidayətin də yalnız Allah tərəfindən olduğunu göstərir.

7\. “صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّين”

(Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların (yoluna) yox!) Surənin son ayəsi olan bu cümlə doğru yolun hansı yol olduğunu açıqlayır. Bildirilir ki, doğru yol Allahın nemət bəxş etdiyi şəxslərin yoludur, Allahın qəzəbinə tuş gəlmişlərin yolu deyil.

Digər bir nöqteyi-nəzərdən yanaşdıqda "Fatihə" surəsi iki hissǝyǝ ayrılır:

1\. Allah-taalaya həmd-sənadan bəhs edən hissə

2\. Bəndələrin ehtiyac, istək və diləklərini özündə ehtiva edən hissə "Üyuni-əxbarir-Rza" kitabında Rəsulǝllahdan (s) belə bir hədis nəql edilib: “Allah-taala buyurmuşdur: "Mən "Həmd” surəsini Özümlə bəndəm arasında bölmüşəm. Yarısı Mənə, yarısı isə bəndəmə məxsusdur. Bəndəmin haqqı var ki, istədiyini Məndən diləsin". Bəndə "Bismillahir-Rəhmanir-Rəhim" dedikdə Allah buyurar ki, bəndəm işinə Mənim adımla başladı. Buna görə də işini başa çatdırmaq və istənilən halda onun işinə bərəkət vermək Mənim öhdəmədir”.

Bəndə "Əl-həmdu lillahi Rəbbil-aləmin" dedikdə Allah buyurar ki, bəndəm Mənə həmd-səna deyir, ixtiyarındakı nemətlərin Mənim tərəfimdən olduğunu anlayır. Onu da bilir ki, bəlaları ondan sovuşduran Mənəm. Şahid olun ki, Mən axirət nemətlərini də onun dünya nemətlərinə artırar, dünya bəlalarını ondan sovuşdurduğum kimi, axirət bəlalarını da ondan dəf edərəm.

Bəndə "Ər-Rəhmanir-Rəhim" dedikdə Allah buyurar ki, bəndəm Mənim bağışlayan və mehriban olduğuma şahidlik edir. Elə isə, siz də şahid olun ki, Mən onun rəhmətimdən olan nəsibini bol edər, bəxşişimdən olan nəsibini artıraram.

Bəndə "Maliki yəvmid-din" dedikdə Allah buyurar ki, şahid olun, o, Mənim axirət gününün sahibi olduğumu etiraf etdiyi üçün Mən onun axirətdə sorğu-sualını asanlaşdıracaq, yaxşı əməllərini qəbul edib, pis əməllərinə göz yumacağam.

Bəndə "İyyakə nəbudu" dedikdə Allah buyurar ki, bəndəm doğru deyir, o, yalnız Mənə ibadət edir. Mən də sizi şahid tuturam ki, onun bu səmimi ibadətinin qarşılığı olaraq ona bütün müxaliflərinin qibtə edəcəyi qədər çox savab verəcəyəm.

Bəndə "və iyyakə nəstəin" dedikdə Allah buyurar ki, bəndəm Məndən kömək diləyir, yalnız Mənə üz tutmuşdur. Şahid olun ki, Mən işlərində ona kömək edəcək, çətinliklərdə dadına çatacaq, narahat olduqda əlindən tutacağam.

Bəndə "İhdinəs-siratǝl-mustəqim. Siratəlləzinə ənəmtə ələyhim ğəyril-məğzubi ələyhim vəlǝzzallin" dedikdə Allah buyurar ki, bəndəmin bu istəyi qəbul edilmişdir. O, Məndən nə istəsə, verəcə- yəm. Ümid bəslədiyini ona əta edəcək, qorxduğunu isə ondan dəf edəcəyəm".

Bu surə nə üçün Fatihə adlandırılmışdır?



"Fatihə" sözünün mənası “açan" (kitabı açan, kitabın başlanğıcı) deməkdir. Həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir çox hədislərdən belə məlum olur ki, o Həzrətin (s) dövründə də bu surə elə "Fatihə" adlandırılmışdır. Burada olduqca mühüm bir məsələ önə çıxır. O da budur ki, bir çoxları Quranın Əbubəkrin, yaxud Ömərin və ya Osmanın xəlifəliyi dövründə yığılmasını iddia etsə də, əslində, Quran bugünkü vəziyyətdə məhz Peyğəmbərin (s) öz dövründə yığılmışdır. Əgər belə olmasaydı, onda "Həmd” surəsinin nə "Fatihə" adlandırılmasına, nə də Quranın əvvəlində gəlməsinə heç bir sübut olmazdı. Deməli, elə Peyğəmbərin (s) öz dövründə Quran indiki tərtiblə mövcud olmuş, "Fatihə" surəsi də məhz ilk surə olaraq verilmişdir. Bunu təsdiq edəcək bir çox mötəbər sübutlar var. Əli ibn İbrahimin İmam Sadiqdən (ə) nəql etdiyi bir hədisdə deyilir: "Peyğəmbər (s) İmam Əliyə (ə) buyurdu: "Quran müxtəlif ipək parçalara, kağızlara və bu kimi şeylərə yazılıb. Onu bir yerə toplayın". Əli (ə) həmin məclisdən qalxıb Quranı sarı rəngli bir parçaya bükərək möhür vurdu”.

Digər bir sübut görkəmli sünni alimi Xarəzminin "Əl-Mənaqib" əsərində Əli ibn Riyahdan nəql etdiyi aşağıdakı hədisdir: "Əli ibn Əbu- talib (ə) ilə Əli ibn Kəb Quranı Peyğəmbərin (s) dövründə toplamışlar".

Üçüncü sübut digər görkəmli sünni alimi Hakim Neyşaburinin "Müstədrək" əsərində Zeyd ibn Sabitdən nəql etdiyi aşağıdakı hədisdir: "Biz Peyğəmbərin (s) hüzurunda Quranı yazılmış müxtəlif vasitələrdən toplayıb bir yerə yığır, hər birini onun göstərişi ilə lazımi yerinə qoyurduq. Lakin bununla belə, yenə də bu yazılar fərqli, pərakəndə halda idi. Peyğəmbər (s) Əliyə (ə) göstəriş verdi ki, onu bir yerə toplasın. Bizi isə onu korlamaqdan çəkindirdi".

Görkəmli şiə alimi Seyid Mürtəza deyir: "Quran Peyğəmbərin (s) dövründə elə indi olduğu kimi toplanılmışdır".

Təbǝrani, İbn Əsakir və Şəbi belə nəql etmişlər: "Ənsardan altı nəfər Quranı Peyğəmbərin (s) dövründə toplamışdır".

Qǝtadə belə nəql etmişdir: "Ənəsdən soruşdum ki, Quranı Peyğəmbərin (s) dövründə kim toplayıb? Cavab verdi ki, dörd nəfər, hamısı da ǝnsardan idi: Übeyy ibn Kəb, Moaz, Zeyd ibn Sabit və Əbu Zeyd". Həm şiə, həm də sünni mənbələrində nəql edilmiş bu hədislərdən əlavə, "Həmd" surəsinin "Fatihə" adlandırılması da məsələnin sübutuna dair ən bariz dəlildir.

Burada belə bir sual yaranır ki, əksər mənbələrdə Quranın Həzrət Peyğəmbərin (s) vəfatından sonra (ya Əli (ə), ya da qeyriləri tərəfindən) toplanıb indiki vəziyyətə gətirilməsi fikri əks olunduğu halda, yuxarıda deyilənləri necə qəbul edə bilərik? Buna cavab olaraq qeyd etmək lazımdır ki, İmam Əlinin (ə) topladığı Quran sadəcə Quran olmamışdır. Onda Quranın mətni ilə yanaşı, bu və digər ayənin təfsiri, nazilolma səbəbi və bir sıra digər məsələlər də verilmişdir. Osmanın topladığı Quran isə Quran qiraətlərindəki fərqləri aradan qaldırmaq məqsədilə toplanılmış və ilk dəfə olaraq nöqtələnmişdir. O vaxta qədər isə Quranda nöqtələr olmamışdır. Bəzilərinin Quranın heç bir vəchlə Peyğəmbərin (s) dövründə toplanılmaması və bu iftixarın Osmana, yaxud birinci və ya ikinci xəlifəyə nəsib olması fikrində israrlı mövqeyinə gəldikdə isə, çox güman ki, onlar bu məsələ xəlifələr üçün fəzilət hesab edilsin deyə, öz mövqelərində təkid etmişlər. Buna görə də hər bir dəstə Quranın toplanılmasını ayrı-ayrı şəxslərin adı ilə bağlamış və bu barədə hədislər də nəql etmişdir. Ümumiyyətlə, necə qəbul edə bilərik ki, Allahın Rəsulu (s) ən kiçik məsələləri də həmişə diqqət mərkəzində saxladığı halda, belə mühüm bir işə laqeyd yanaşsın? Xüsusilə də nəzərə alaq ki, Quran İslam dininin əsas qanunlar toplusu, ən mühüm təlim-tərbiyə kodeksi, bütün islami etiqadların təməlidir. Onun Peyğəmbərin (s) sağlığında bir yerə toplanılmaması Quranın bəzi hissələrini itib-batmaq təhlükəsi ilə üz-üzə qoymazdımı? Və yaxud bu işin görülməməsi müsəlmanlar arasında ixtilaf yaranması ehtimalını ortaya çıxarmazdımı? Digər tərəfdən bütün şiə və sünni mənbələrində nəql edilmiş "Səqǝleyn" hədisində Peyğəmbərin (s) "Mən sizin aranızda iki dəyərli əmanət qoyub gedirəm: biri Allahın kitabı, digəri isə əhli- beytimdir" - deyə buyurması da onu göstərir ki, Quran o Həzrətin (s) sağlığında kitab halında toplanılmışdır. Quranın ayrı-ayrı səhabələr tərəfindən toplanılmasını göstərən müxtəlif hədislər isə sadəcə olaraq Quranın toplanılmasında iştirak etmiş səhabələrin kimliyini açıqlayır. Ola bilər ki, bir hədisdə bir neçə səhabənin, başqa hədisdə isə digər səhabələrin adı çəkilsin.