Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 19.02.2025

“Mursəlat” surəsi

“Mursəlat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun dalbadal göndərilən mələklərə və iti külək kimi hərəkət edənlərə! And olsun (buludları) yayanlara, ayıranlara! And olsun ayıldıcı ayələri çatdıranlara – son xəbərdarlığı etmək və ya qorxutmaq üçün. Sizə (Qiyamət barədə) vəd edilən şey, mütləq, vaqe olacaqdır. Ulduzlar sönəcəyi zaman; Göy yarılacağı (planetlər bir-birindən uzaqlaşacağı) zaman; Dağlar yerindən qopduğu zaman; Peyğəmbərlərə (şahidlik etmək üçün) vaxt təyin olunacağı zaman – (deyiləcəkdir): “Verilmiş möhlət hansı günə qədərdir?” (Deyiləcəkdir): “(Haqqın batildən) ayırd ediləcəyi günədək!” Ayırd etmə gününün nə olduğunu sən haradan biləsən? Yalan sayanların o gün vay halına! Biz (günah edən) ilk nəsilləri həlak etmədikmi?! Sonra başqalarını da onların dalınca göndəririk. Biz günah sahibləri ilə belə davranırıq. Yalan sayanların o gün vay halına! ———————————————————————————- “Mursəlat” surəsinin ümumi məzmunu: Bu surədə daha çox Qiyamət və onu inkar edənlərin, yalan sayanların təhdid edilməsinə, qorxudulmasına aid məsələlər yer almışdır.[1] 1-6. And: Çox mühüm məsələlərdən xəbər verən bu andlarla bağlı üç yozum irəli sürülmüşdür: 1. Bu beş and vasitəsilə təbiətin bir çox hadisələrində mühüm rol oynayan küləklərə işarə edilmişdir. Buna görə ayələrin mənası belə olur: And olsun bir-birinin dalınca əsən küləklərə, and olsun şiddətlə əsən tufanlara, and olsun buludları yayan və onlardakı yağış damcılarını quru torpağa yollayan küləklərə, and olsun yağış yağdıqdan sonra buludları dağıdan küləklərə, and olsun bu nizam-intizamla Allahı xatıladan küləklərə. 2. Bu andlarla mələklərə işarə edilmişdir. Ayələrin mənası belədir: And olsun peyğəmbərlərə dalbadal göndərilən mələklərə, and olsun öz vəzifələrini icra etmək üçün tufan kimi sürətlə hərəkət edənlərə, and olsun səmavi kitabların ayələrini peyğəmbərlərin qarşısında açıb yayanlara, bu vasitə ilə haqqı batildən ayıranlara, Allahın zikrini və əmrlərini peyğəmbərlərə endirənlərə. 3. Birinci və ikinci andda küləklər və tufanlar, üç, dörd və beşinci andda Allahın ayələrinin mələklər tərəfindən yayılması, haqqın batildən ayırd edilməsi, son xəbərdarlıq və qorxutmaq məqsədilə Allahın əmrlərinin peyğəmbərlərə çatdırılması nəzərdə tutulmuşdur. Üçüncü təfsir bir çox cəhətlərdən daha uyğun görünür.[2] 11-13. Peyğəmbərlər üçün vaxt təyin edilməsi: Qiyamət haqqında məlumat verildikdən sonra bu ayədə deyilir: O vaxt növbə ilə gəlib öz ümmətlərinə şahildik etmələri üçün peyğəmbərlərə vaxt təyin ediləcək. “Əraf” surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: “Biz həm özlərinə peyğəmbər göndərilmiş şəxslərdən soruşacağıq, həm də peyğəmbərlərin özlərindən.” 12-ci ayədə Allah-taala belə buyurur: “Şahidlik etmələri üçün peyğəmbərlərə verilmiş möhlət hansı günə qədər təxirə salınıb?” Ardınca belə cavab verilir: “(Haqqın batildən) ayırd ediləcəyi günədək!” Həmin gün haqqın batildən, möminlərin kafirlərdən, əməlisalehlərin pis əməl sahiblərindən ayırd edildiyi, Allahın hər kəs haqqında hökm verəcəyi gündür. Bu sual-cavab həmin günün böyüklüyünü göstərmək üçündür. “(Haqqın batildən) ayırd ediləcəyi gün!” həmin gün haqqında söylənmiş çox dərin məzmunlu bir ifadədir.[3] Yalan hesab edənlərin vay halına: “Vay” sözü insanlar həlak olduqda, əzab və bədbəxtliyə düçar olduqları vaxt deyilir. Bəziləri onun əzab sözündən daha ağır məna daşıdığını bildirmişlər. Bəziləri “Vay”ın Cəhənnəmdə bir quyu və ya dərə adı olduğunu, burada onun leksik mənası deyil, real nümunəsinin nəzərdə tutulduğunu qeyd etmişlər. Quranda bu sözə çox yerdə, o cümlədən kafirlər, müşriklər, yalançılar, yalan hesab edənlər, günahkarlar, çəkidə aldadanlar, qafil namazqılanlar haqqında işləndiyinə rast gəlinir. Ancaq Quranda bu söz daha çox yalan hesab edənlər haqqında işlədilmişdir. O, sözü gedən surədə on dəfə təkrar edilmişdir.[4] Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi? Sonra onu etibarlı və hazır bir yerdə yerləşdirmədikmi – məlum bir vaxta kimi? Biz buna qadir olduq. Deməli Biz yaxşı qüdrət sahibiyik (və ölüləri dirildib hüzurumuza gətirmək Bizə asandır)! Yalan sayanların o gün vay halına! Məgər Biz yeri insanların toplaşdığı mərkəz etmədik – həm diri olduqları, həm də ölü olduqları vaxt? Orada möhkəm və uca dağlar yaratdıq və sizə şirin sulardan içirtdik Yalan sayanların o gün vay halına! (O gün onlara belə deyiləcək): “Dərhal gedin yalan hesab etdiyinizə (Cəhənnəmə) doğru! Üç qola ayrılan (boğucu və yandırıcı) kölgəyə tərəf gedin!” O kölgə nə rahatlıq gətirir, nə də alovdan qoruyur. Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür. Onlar sanki sarı dəvələrdir. Yalan sayanların o gün vay halına! Bu, (günahkarların) danışa bilməyəcəkləri (və özlərini müdafiə edə bilməyəcəkləri) bir gündür. Onlara üzrxahlıq etmək üçün izn verilməyəcəkdir. Yalan sayanların o gün vay halına! (Onlara deyiləcək:) Bu gün həm sizi, həm də əvvəlkiləri topladığımız (haqqı batildən) ayırd etmə günüdür! Əgər qarşımdan qaçmağa bir çarəniz varsa, həyata keçirin! Yalan sayanların o gün vay halına! (Həmin gün) müttəqilər kölgəliklərdə, çeşmələr başında və istədikləri meyvələrin arasında olacaqlar. (Onlara deyiləcək): “Nuşcanlıqla yeyin-için. Bunlar etdiyiniz əməllərin qarşılığıdır! Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!” Yalan sayanların o gün vay halına! (Günahkarlara de:) “Yeyin və bu az müddətdə (dünya həyatından) ləzzət alın (ancaq bilin ki, Allahın əzabı sizi gözləyir)! Çünki siz günahkarlarsınız! Yalan sayanların o gün vay halına! Onlara: “Rüku edin!” – deyildiyi zaman rüku etməzlər. Yalan sayanların o gün vay halına! (Əgər onlar bu Qurana inanmırlarsa,) ondan sonra hansı sözə inanacaqlar? ————————————————————————————– Yer insanların toplaşdığı mərkəzdir: Yer bütün insanların toplaşdığı məkandır: diriləri üzərində cəm edib bütün ehtiyaclarını təmin edir, özündə ölülərə də yer verir. Təsəvvür edin, əgər yer ölülərin dəfn edilməsi üçün əlverişli olmasaydı, onlardan yaranan xəstəliklər bütün canlı aləmi üçün faciə yaradardı. Yer övladlarını ətrafına toplayıb qanadları altına alan bir ana kimi, insanları öz üzərində toplayır, qidalandırır, paltarla təmin edir, yaşamaları üçün yer verir, ehtiyacalrını ödəyir, ölənlərini bağrına basır, pis təsirlərini məhv edir. Möminlərin əmiri İmam Əli (ə) Siffeyn müharibəsindən Kufəyə qayıdarkən Kufə yaxınlığına çatanda Kufə darvazasından kənarda olan qəbristanlığa nəzər salıb buyurmuşdur: “Bu, ölülərin toplaşdığı məkandır”. Sonra isə üzünü Kufəyə tərəf tutaraq: “Bu da dirilərin toplaşdığı məkandır”, – deyə buyurmuşdur. Ardınca sözü gedən ayəni oxumuş, həyat ilə ölüm mənzili arasında çox az məsafə olmasına işarə etmişdir.[5] 30-33. İmarət kimi qığılcımlar: 29-cu ayədə Qiyamət günü məadı inkar edənlərə hər zaman inkar etdikləri Cəhənnəmə doğru hərəkət etmələri əmrinin veriləcəyi buyurulmuşdur. Bu ayələrdə onların çəkəcəkləri əzab haqqında bir qədər izah verilmişdir. “Üç qola ayrılmış kölgə” deyilərkən üç boğucu tüstü nəzərdə tuutulmuşdur: yuxarıdan, sağdan və soldan gələn tüstü. Həmin qatı tüstü onları hər tərəfdən əhatə edərək öz kamına alacaq. 32-ci ayədə Cəhənnəmin yandırıcı odu ilə bağlı başqa bir izah verilmişdir: “Hər biri hündür imarət həcmində olan qığılcımlar püskürür.” Yəni oranın odunun qığılcımı bu dünyadakı odun iynə ucu boyda olan qığılcımı boyda deyil, daha böyük olacaq. Burada “imarət” ifadəsi ilə daha dərin məna nəzərdə tutulmuşdur. Əslində, burada “dağ boyda qığılcım” da deyilə bilərdi. Ancaq unutmaq olmaz ki, elə bu surənin 27-ci ayəsində dağlar xeyir və bərəkət, şirin su mənbəyi kimi təqdim edilmişdir. Ancaq imarətlər, saraylar, qəsrlər qığılcım saçan yandırıcı odun şölələrinin mənbəyidir. Buna görə də günahkarlar o dünyada imarətləri boyda olan qığılcımlar içində yanmalıdırlar. 33-cü ayədə həmin qığılcımlar haqqında başqa bir ifadə işlədilmişdir: “Onlar sanki sarı dəvələrdir.” Əvvəlki ayədə bu qığılcımlar imarətlərə həcm baxımından bənzədildiyi halda, burada çoxluq, rəng, hərəkət, hər tərəfə yayılma baxımından ətrafa səpələnmiş dəvə sürüsünə bənzədilmişdir. Qığılcımları bu cür olan bir odun özü haqqında danışmağa isə artıq lüzum qalmır.[6] 35-36. Yalan hesab edənlərin danışmayacağı gün: Qiyamət elə bir gündür ki, onu yalan hesab edənlərə nə danışmağa, nə üzr istəməyə, nə də özlərini müdafiə etməyə icazə veriləcək. Çünki bütün həqiqətlər ortada olacaq, deməyə heç nə qalmayacaq.[7] Soruşula bilər ki, dillərin danışa bilməməsinə Qiyamətin böyük qorxusu səbəb olacaq, ya onların üzr istəməyə, deməyə və danışmağa sözləri olmayacaq? Yoxsa Allahın hökmü ilə dil öz funklsiyasını itirəcək, əvəzinə bədən üzvləri şahidlik edəcək? Üçüncü təfsir daha münasib görünsə də, ayədə hər üç təfsirin nəzərdə tutula biləcəyini söyləyə bilərik.[8] İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah əsaslı üzrü olan bəndəsinin üzr istəməsinə icazə verməməkdən daha uca, daha böyük, daha ədalətlidir. Əslində, onların ümumiyyətlə, istəməyə üzrləri olmayacaq.”[9]     [1] Nümunə, c.25, səh.391 [2] Nümunə, c.25, səh.397 [3] Nümunə, c.25, səh.401 [4] Nümunə, c.25, səh.402 [5] Nümunə ,c.25, səh.411 [6] Nümunə, c.25, səh.417 [7] Nümunə, c.25, səh.421 [8] Pəyame-Quran, c.5, səh.110 [9] Nümunə, c.25, səh.421

QURANI KƏRIM 19.02.2025

“İnsan” surəsi

“İnsan” surəsi Rəhman və Rəhim Allahın adı ilə! İnsanın elə bir dövrü olub keçmişdir ki, o, həmin dövrdə xatırlanası bir şey olmasın?! İnsanı qarışdırılmış nütfədən yaratdıq və onu sınaqdan keçirmək üçün eşidən və görən etdik. Biz yolu ona göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. Kafirlər üçün zəncirlər, buxovlar və yandırıcı şölələri olan od hazırlamışıq. Sözsüz ki, möminlər xoş ətirli (şərab dolu) badələrdən nuş edəcəklər – ——————————————————————————————– Allaha baxmaq: Bu ayədə Cənnət sakinlərinə ediləcək ən böyük mənəvi hədiyyədən bəhs edilir. Həmin hədiyyə qəlb gözü və batini müşahidə ilə Allahın camalına baxmaqdır. Bu baxış onları Allahın misilsiz zatına, mütləq kamillik və gözəlliyə cəzb edəcək, onlara bir an bütün dünya və dünyadakılardan da üstün olan təsəvvürəgəlməz mənəvi zövq bəxş edəcək. Bir qrup məlumatsız insan burada hissə aid müşahidədən, Qiyamətdə Allahın zahiri hiss orqanı olan gözlə görüləcəyindən danışıldığını iddia etmişdir. Halbuki bu cür görmə Allahın cism olmasını tələb edir. Çünki məkan və keyfiyyət cismə xas olan xüsusiyyətlərdir. Allah isə bu xüsusiyyətlərdən ucadır. Quran ayələrində də bu məsələyə dəfələrlə toxunulmuşdur (Ənam-103). Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Cənnət sakinləri Cənnətə daxil olduqları zaman Allah buyuracaq: “Sizin üçün artırmağımı istədiyiniz bir şey varmı?” Onlar deyəcəklər: “Bizim üzümüzü ağardıb Cənnətə daxil etmədinmi? Oddan xilas etmədinmi?” Bu zaman pərdələr çəkiləcək. Həmin vaxt onlar üçün Rəblərinə baxmaqdan gözəl bir şey olmayacaq.”[1] “İnsan” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. İnsanın yaradılışı, yolun ona göstərilməsi və yol seçimində onun azad buraxılması. 2. Möminlərin bəzi mükafatlarının qeyd edilməsi. Əhli-beytə aid olan xüsusi nazilolma səbəbi və sözügedən mükafatın onlara layiq görülməsinin dəlilləri. 3. Quranın əhəmiyyəti, onun hökmlərinin icra yolları, habelə özünü islah etməyin enişli-yoxuşlu yolu. 4. İnsanın ixtiyar sahibi olması ilə yanaşı Allahın iradəsinin hökmranlığına işarə.[2] 5-22. Peyğəmbər Əhli-beytinin (s) üstünlüyünü təsdiq edən böyük fakt: İbn Abbas belə nəql edir: İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) xəstələnmişdi. Peyğəmbər (s) bir dəstə səhabəsi ilə onlara dəyməyə gəlmişdi. Peyğəmbər (s) həzrət Əliyə (ə) buyurdu: “Ey Əbülhəsən, yaxşı olardı ki, övladlarının şəfa tapması üçün nəzir edəsən”. Həzrət Əli (ə), həzrət Fatimə (ə) və Fizzə (onların xidmətçisi) nəzir edirlər ki, əgər onlar şəfa tapsalar, üç gün oruc tutacaqlar. Bəzi hədislərə görə İmam Həsənlə, İmam Hüseyn (əleyhiməs-salam) də oruc tutmağı nəzir edir. Çox çəkmir ki, onların hər ikisi sağalır. Həmin vaxt onların maddi vəziyyətləri də yaxşı olmur. Həzrət Əli (ə) 3 kq arpa borc alır, həzrət Fatimə (ə) onun üçdə birindən çörək bişirir. İftar vaxtı qapıya bir dilənçi gəlib deyir: “Salam olsun sizə, ey Mühəmmədin ailəsi! Müsəlman yoxsullarındanam, mənə yemək verin, Allah da sizə Cənnət yeməklərindən lütf etsin”. Onlar hamısı öz payını həmin yoxsula verib yalnız su ilə keçinir. İkinci gün də oruc tuturlar, iftara yemək (arpa çörəyi) hazırladıqları vaxt qapıya bir yetim gəlir. Həmin gün də öz paylarından keçirlər, yenə də su ilə kifayətlənirlər. Növbəti gün yenə oruc tuturlar. Bu dəfə qürub vaxtı bir əsir gəlir. Bu dəfə də paylarını verirlər. Səhər açılandan sonra həzrət Əli (ə) İmam Həsənlə, İmam Hüseynin (əleyhiməs-salam) əlindən tutub Peyğəmbərin (s) yanına gedir. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurur: Sizin bu vəziyyətiniz mənə çox ağır gəldi. Sonra ayağa qalxıb onlarla birlikdə yola düşür. Həzrət Fatimənin (ə) evinə daxil olanda onun aclıqdan qarnı belinə yapışmış və gözləri batmış halda mehrabda dayanıb namaz qıldığını görürlər. Peyğəmbər (s) çox narahat olur. Bu vaxt Cəbrail enib buyurur: “Ey Muhəmməd, bu surəni qəbul et ki, Allah belə bir ailəyə sahib olduğuna görə səni təbrik edir”. Cəbrail bunu söyləyib “İnsan” surəsini nazil edir. Bəziləri həmin vaxt “İnsan” surəsinin 5-22-ci ayələrinin nazil olduğunu qeyd etmişlər.[3] Sünni məzhəbinin ən böyük təfsirçilərindən olan Alusi də bu surənin Əhli-beyt (ə) haqqında nazil olduğunu qeyd etmiş və ayələrin altından belə yazmışdır: “Bu surədə Cənnət xidmətçilərindən danışıldığı halda, Zəhrayi-Bətula (s) hörmət əlaməti olaraq qaragözlü hurilərdən danışılmır.”[4]     Allahın xas bəndələrinin içdiyi və istədiyi yerdən axıtdığı çeşmədən. Onlar vəd etdikləri nəziri verər və əzabı hər yeri sarmış gündən qorxarlar. Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik! Əslində, biz ağır və zəhmli gündə Rəbbimizdən qorxuruq!” (Bu etiqad və əməllərinə görə) Allah onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. Səbr etdiklərinə görə onlara Cənnəti və ipəkdən olan Cənnət libasları bağışlayar. Orada taxtlar üzərində dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər. Cənnət ağaclarının kölgələri onlar üçün aşağı enəcək, meyvələrini də dərmək asan olacaq. Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, onları münasib ölçüdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış pak şərabla dolu badələr içirdiləcək. (Həmin badələr) Cənnətdə Səlsəbil adlı bulaqdan (doldurulacaq). Onların ətrafında həmişə gənc olan xidmətçi gənclər dolanacaq. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. Oraya baxsan, nemət və əzəmətli səltənət görərsən. Onların əyinlərində taftadan və atlazdan yaşıl paltarlar olacaq. Qolları gümüş bilərziklərlə bəzədiləcək. Rəbləri onlara pak şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Bu sizin hədiyyənizdir, səyiniz təşəkkürə layiqdir”. Həqiqətən, Biz Quranı sənə nazil etdik. Buna görə də Rəbbinin hökmünün (təbliği və icrasında) səbirli və dözümlü ol və onlardan heç bir günahkara və ya kafirə itaət etmə! Hər səhər-axşam Rəbbinin adını xatırla! ————————————————————————————– Xas bəndələrə aid olan bulaq: Allahın xas bəndələrinin ixtiyarında olan pak şərab bulağı onlar istədiyi verdən baş qaldırıb axır. İmam Baqir (ə) həmin bulaq haqqında belə buyurmuşdur: “O bulaq İslam peyğəmbərinin (s) evindədir, oradan digər peyğəmbərlər və möminlərin evinə axır.” Dünyada elm və mərhəmət bulağı Peyğəmbərin (s) evindən Allah bəndələrinin evinə doğru cərəyan etdiyi kimi, axirətdə də onun böyük bir təcəssümü olacaq, pak şərab çeşməsi vəhy evindən qaynayıb möminlərin evlərinə doğru axacaq.[5] Başqalarına yemək verməyin savabı: Acları doydurmaq yaxşı insanların ən üstün cəhətlərindəndir. Quranda bu cəhətə çox böyük önəm verilmişdir. Əgər müasir dünyaya nəzər salsaq, yayılan xəbərlərə görə hər il dünyada milyonlarla adam aclıqdan ölür. Halbuki dünyanın başqa yerlərində zibilliklərə külli miqdarda yemək tökülür. Bu da İslam qanunlarının çox yüksək dəyərlərə sahib olduğunu, dünyanın isə ondan nə qədər uzaq düşdüyünü açıq şəkildə göstərir. Hədislərdə də bu məsələyə xüsusi önəm verilmişdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Bir möminə qarnı doyunca yemək verən şəxsi axirətdə hansı mükafatın gözlədiyini aləmlərin Rəbbi olan Allahdan başqa heç kəs, hətta Allahın yaxın mələkləri və peyğəmbərlər də bilməz.” Hədislərdə açıq şəkildə qeyd edilir ki, mömin və müsəlman olmasa belə, ac adamları doydurmaq ən yaxşı əməllərdəndir. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Allah dərgahında əməllərin ən yaxşısı yanan ciyərləri sərinlətmək, ac qarınları doydurmaqdır. Canım əlində olana and olsun, müsəlman qardaşı gecəni ac yatdığı halda, tox yatan bəndə mənə iman gətirməmişdir.”[6] Orada nə günəş, nə də soyuq görəcəklər: Bu cümlə Cənnət havasının çox xoş olduğunu bədii çalarlarla ifadə edir. “Zəmhərir” şiddətli soyuğa deyilir. İbn Abbasa istinad edilən bir hədisdə belə deyilir: “Cənnət sakinləri qəfildən Cənnəti işıqlandıran günəş işığına bənzər bir işıq görəcək və Cənnət məmuruna deyəcəklər: “Bu nə işıqdır belə? Axı Allah buyurub ki, orada nə günəş, nə də soyuq görəcəklər.” O isə belə deyəcək: “Bu, günəş və ay işığı deyil, Əli (ə) və Fatimə (ə) gülüb, Cənnət onların dişlərinin nurundan işıqlanıb.”[7] Pak şərab: Cənnətdə əməlisalehlərə verilən nemətlərdən söz açılarkən dadlı və ləzzətli içkilərdən də danışılır. Ancaq onlarla bu ayədə qeyd edilən içki arasında çox böyük fərq olduğunu görürük. Onlarda içkini verən saqi əbədiyaşar gənclər, burada isə Allahdır. İnsanı tərbiyə edib yüksək kamillik mərhələlərinə nail edərək, son mərəhləyə yüksəldən Allah lütfkarlığının ən yüksək həddini nümayiş etdirir, Öz qüdrət əli ilə əməlisaleh bəndəsini pak şərabla sirab edir. Ümumiyyətlə, “təhur” ərəbcə həm pak olana, həm də pak edənə deyilir. Deməli, bu içki insanın cismini və ruhunu istənilən bulaşıqdan təmizləyir, ona sözlə ifadə edilməsi qeyri-mümkün olan ruh, nur və sevinc bəxş edir. İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə deyilir: “Onları Allahdan başqa hər şeydən təmizləyər”. Qəflət pərdələrini yox edər, örtükləri aradan qaldırar, insanı Allah yaxınlığında daimi hüzura layiq edər.[8]   Gecə vaxtı Ona səcdə et və gecə uzun müddət Onun şəninə təriflər de! Bunlar ötəri dünyanı sevib ağır günü tərk edirlər. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları başqaları ilə əvəz edərik. Bu, bir xatırlatmadır. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Allah biləndir, müdrikdir! O, istədiyini (layiq gördüyünü) Öz rəhmətinə daxil edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır. [1] Nümunə, c.25, səh.302 [2] Nümunə, c.25, səh.327 [3] Nümunə, c.25, səh.343 [4] Əl-Mizan, c.20, səh.143 [5] Nümunə, c.25, səh.350 [6] Nümunə, c.25, səh.357 [7] Nümunə, c.25, səh.363 [8] Nümunə, c.25, səh.371

QURANI KƏRIM 19.02.2025

“Qiyamət” surəsi

“Qiyamət” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun Qiyamət gününə! And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)! İnsan elə düşünür ki, Biz onun sümüklərini yığmayacağıq? Xeyr, Biz onun barmaqlarının uclarını(n hətta xətlərini də) bərpa etməyə qadirik. (İnsan məada şəkk etmir) sadəcə, o, bütün ömrü boyu günah etmək istəyir. (Buna görə də) o: “Qiyamət günü nə vaxt olacaq?” – deyə soruşur. Gözlərin qorxudan fırlanacağı, ayın tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün) pənah aparılacaq yer olmayacaq. O gün son sığınacaq (ancaq) sənin Rəbbinə doğru olacaqdır. O gün insana öncədən və ya sonra göndərdiyi bütün əməllər xəbər veriləcəkdir. Əslində, insan öz vəziyyətindən xəbərdardır, hətta (üzdə) özünə üzr (və bəhanə)lər gətirsə belə! Onu (Quranı) tələsik oxumaq üçün dilini hərəkət etdirmə! Çünki onu (sənin qəlbinə) toplamaq və (sənin dilindən) oxumaq Bizə aiddir. Deməli, Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, onu izah etmək də Bizə aiddir. —————————————————————————————- 50-51. Haqdan sanki şirdən ürküb qaçan vəhşi eşşəklər kimi qaçmaq: Vəhşi eşşəklərdə şirə qarşı qəribə qorxu hissi var. Hətta şirin səsini eşitdikdə belə, qorxu hissi onları elə bürüyür ki, dəli kimi olub ətrafa səpələnirlər. Şir sürüyə hücum etdikdə onlar bu səhnəni izləyən adamda heyrət doğuracaq şəkildə pərən-pərən düşürlər. Ümumiyyətlə, hər şeydən qorxub-hürkən bu heyvan qaniçən düşmənindən daha çox qorxur. Bu ayə müşriklərin ruha qida olan ayələrdən qorxub qaçmasını obrazlı şəkildə həm şüursuz olan, həm də hər şeydən ürküb qaçan vəhşi eşşəyin qaçışına bənzətmişdir. Halbuki Quran nəsihət və xatırlamadan başqa bir şey deyil.[1] “Qiyamət” surəsinin ümumi məzmunu: Surənin əsas məzmununu məad və Qiyamət gününə aid məsələlər təşkil edir. Yalnız bəzi ayələrində Quran və onu yalan hesab edənlərdən danışılır.[2] Vicdan məadın doğru olduğunu sübuta yetirən bir dəlildir: Məadın doğru olduğunu sübuta yetirən vasitələrdən biri insanın daxilindəki vicdan məhkəməsidir. İnsan yaxşı iş gördükdə vicdan onun ruhunu sevinc, şadlıq və fərəh hissi ilə doldurur, bu vasitə ilə sahibini mükafatlandırır, pis bir iş gördükdə, cinayət törətdikdə isə sahibinin ruhuna təzyiq göstərir, ona əzab verir. Bəzən bu hiss elə bir həddə çatır ki, cinayəti törətmiş adam vicdan əzabından xilas olmağın yolunu intiharda görür. Necə deyərlər, vicdan öz sahibinin edam hökmünü özü kəsib icrasını onun özünə tapşırır. Vicdan hissi bəzi adamlarda çox güclü, bəzilərində isə çox zəifdir. Ancaq hər bir adamda mövcuddur. Sadəcə, çox adam etdiyi çoxsaylı günahlar nəticəsində onu tamamilə yararsız hala salır.[3] Əgər kiçik dünyanın – insanın öz daxili dünyasının kiçik bir məhkəməsi varsa, böyük dünyanın – bu əzəmətdə olan varlıq aləminin məhkəməsi niyə olmamalıdır? İnsan vicdan vasitəsilə diriliş və Qiyamətin doğruluğunu dərk edir. Bununla da surənin əvvəlində qeyd edilmiş iki and arasındakı əlaqə aydın olur. Başqa sözlə desək, ikinci and birinci and üçün bir dəlildir.[4] 14-15. İnsan öz əməllərinin ən yaxşı hakimidir: Bu ayədə insanın bədən üzvlərinin öz əməllərinə şahidlik edəcəyindən bəhs edən digər Quran ayələrinin ehtiva etdiyi məzmun əks olunmuşdur (Fussilət-20, Yasin-65). Belə ki, Qiyamət günü insanın əməllərinin ən böyük şahidi o özü olacaq. Çünki insan özünü hər kəsdən yaxşı tanıyır, özünə hər kəsdən daha çox bələddir. Baxmayaraq ki, bütün sirlərdən xəbərdar olan, böyük məhkəmənin yeganə sahibi olan Allah tam sübut üçün bir çox şahidlər gətirəcəkdir. Bu ayələrdə məad və Qiyamətdən bəhs edilsə də, onların məzmunu daha genişdir, dünyaya da şamil olur. Çünki insan dünyada öz həqiqi simasını yalanlar, arxa çevirmələr, qaçmalar, inkarlar, imtinalar və riyakarlıq pərdəsi arxasında gizləsə də, öz vəziyyətindən xəbərdardır. İmam Sadiq (ə) belə buyurmuşdur: “Sizlərdən kimsə öz zahirini bəzəyib gizlində pis işlərlə məşğul olarsa, nə edə bilər? Özü özünə müraciət etsə, belə olmadığını bilməzmi? Allah-taala buyurur: “İnsan öz vəziyyətindən xəbərdardır”. İnsanın daxili dünyası düzələrsə, zahiri də yaxşı olar, gözəlləşər.”[5]   Xeyr (siz düşündüyünüz kimi deyil, məadın dəlilləri sizün üçün yetərsiz deyil)! Sadəcə, siz tez ötüb keçən dünyanı (və heç bir məhdudiyyəti olmayan nəfsi istəkləri) sevir, axirəti tərk edirsiniz. O gün neçə-neçə üzlər sevinəcək və öz Rəblərinə baxacaq. O gün neçə-neçə üzlər də tutulub qaralacaq, Çünki qarşıda bel sındıran bir əzab olduğunu biləcək. Xeyr (o düşündüyü kimi deyil), can xirtdəyə yetişəcəyi zaman: “Bunu (ölümün çəngindən) xilas edən varmı?” – deyiləcəkdir. Dünyadan ayrıldığını yəqin edəcək və baldır baldıra dolaşacaq. O gün hamının yolu Rəbbinə doğru olacaq. 3 (Həmin gün deyiləcək:) O nə iman gətirdi, nə də namaz qıldı. Yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa ailəsinin yanına qayıtdı. (Buna görə də ona deyiləcək:) Allahın əzabı sənə daha layiqdir, daha layiq! Yenə də Allahın əzabı sənə daha layiqdir, daha layiq! Bəlkə insan məqsədsiz tərk edildiyini güman edir? Məgər o, (uşaqlığa) axıdılan bir damla nütfə deyildi?! Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb görkəmə saldı. Ondan da bir cüt kişi və qadın yaratdı. Belə bir varlıq ölüləri diriltməyə qadir deyil? [1] Nümunə, c.25, səh.263 [2] Nümunə, c.25, səh.271 [3] Nümunə, c.25, səh.275 [4] Nümunə, c.25, səh.285 [5] Nümunə, c.25, səh.292

QURANI KƏRIM 19.02.2025

“Muddəssir” surəsi

“Muddəssir” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey yuxu libasına bürünmüş! Qalx və xəbərdar et! Rəbbini uca tut! Paltarını təmizlə! Pis şeylərdən uzaq dur! Daha artığına göz dikərək minnət qoyma! Rəbbin üçün səbir et! Sur üfürülərkən – həmin gün çətin bir gün olacaq. Kafirlərə asan olmayacaqdır. Məni Öz yaratdığımla tək burax, Mən ona bolluca var-dövlət bağışladım, hər zaman yanında olan övladlar (verdim) və onu hər cür imkanlarla təmin etdim. Yenə də onun üçün artırmağımı arzulayır. Əsla belə olmayacaq! Çünki o, ayələrimizi inadla inkar edir. Tezliklə onu həyat zirvəsinə qalxmağa məcbur edəcəyəm (sonra onu oradan aşağı yuvarlayacağam). ——————————————————————————— Quranı imkan çatan qədər oxumaq: Bu ayədə də surənin başlanğıcında olduğu kimi, gecəni oyaq qalmaqdan danışılır. Sadəcə, bu ayənin fərqi ondadır ki, burada sözügedən ibadəti Peyğəmbərlə (s) yanaşı bir qrup möminin də – ya müstəhəb, ya da ehtimalən vacib hökm olaraq – yerinə yetirməsindən danışılır. İslamın ilk dövrləri üçün spesifik olan şərait onların İslamın təbliğinə və müdafiəsinə hazır olmaları üçün etiqad, əməl və əxlaq dərslərini ehtiva edən Quranı oxumalarını və gecələri namaz qılmalarını tələb edirdi. İmam Rza (ə) bir hədisində bu ayəni təfsir edərkən babası İmam Sadiqə (ə) istinadən belə buyurmuşdur: “Ondan qəlbə təvazökarlıq və batinə saflıq gətirəcək qədər oxuyun.” Ayədə ruzi qazanmaq məsələsi Allah yolunda cihadla bərabər işlədilmişdir. Bu da İslamın bu məsələyə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Niyə də olmasın? Yoxsul, ac, başqalarına möhtac olan bir xalq müstəqil, başıuca və böyük ola bilməz. Buna görə də iqtisadi cihad düşmənə qarşı cihadın bir hissəsidir.[1] İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Müsəlman şəhərlərindən birinə bir ərzaq məhsulu aparıb onu orada günün qiymətinə satan tacir Allah dərgahında şəhid dərəcəsindədir.” Sonra Peyğəmbər (s) bu ayəni oxumuşdur: “Bir qisminiz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur.”[2] “Muddəssir” surəsinin ümumi məzmunu: Bu surədə kafirlər və Peyğəmbəri (s) inkar edənlər kəskin şəkildə pislənir, təhdid edilir və qınanırlar.[3] “Muddəssir”: Bax: “Muzzəmmil” surəsi, 1-ci ayə. 4-5. Paklıq və təmizlik göstərişi: “Paltarını təmizlə” ayəsi ilə bağlı müxtəlif fikirlər söylənmişdir. Onlar arasında ikisi daha münasibdir: 1. “Paltarını təmizlə” deyilərkən əməllərin islah edilməsi nəzərdə tutulur. Çünki insanın əməlləri onun ruhunun və etiqadının libası, zahiri isə daxilinin göstəricisidir. Buna görə də Allah-taala sözü gedən ayədə ruh üçün libas olan əməllərin çirkinliklərdən təmiz saxlanmasını əmr edir. 2. “Paltarını təmizlə” deyilərkən paltarın namaz üçün təmizlənməsi nəzərdə tutulur. İkinci rəyə görə “Rəbbini uca tut” ayəsində namazın “təkbirətul-ehram”ına işarə edilmişdir. Ümumiyyətlə, ayə namaz üçün paltarın təmiz saxlanmasını göstəriş verir. Əslində, bu iki ayə Peyğəmbərin (s) seçildiyi ilk vaxtlar İslamda namazın vacib edilməsi ilə bağlı verilmiş göstərişi ifadə edir.[4] “Çirkinlikdən uzaq dur” ayəsindəki “ricz” (çirkinlik) sözünün məna müxtəlifliyi bu söz barəsində müxtəlif fikirlər irəli sürülməsinə səbəb olmuşdur. Bəzən onu büt, bəzən günah, bəzən çirkin əxlaq, bəzən bütün günahların başlanğıcı olan dünya sevgisi, bəzən şirk və günahın nəticəsi olan əzab, bəzən insana Allahı unutduran istənilən vasitə kimi izah etmişlər. Məlumdur ki, Peyğəmbər (s) hətta peyğəmbərliyə seçilməzdən əvvəl də bu əməllərdən uzaq olmuşdur. Dost və düşmənin təsdiq etdiyi tarix də bunu deməyə əsas verir. Sadəcə, burada diqqət mərkəzində olan əsas məsələ Allah yoluna çağırış və hər kəsə örnək olacaq bir nümunənin təqdimidir.[5]   O, (Quranla mübarizə aparmaq üçün) fikirləşib qərara gəldi. Ölüm olsun ona! Necə qərar qəbul etdi? Yenə ölüm olsun ona! Gör necə qərar qəbul etdi? Sonra o, nəzər saldı. Üz-gözünü turşudub tələsik mətləbə keçdi. Sonra da arxasını çevirib təkəbbür göstərdi. Sonda dedi: “Bu (Quran), əvvəlkilərin sehrlərinə bənzəyən sehr-cadudan artıq bir şey deyil! Bu, adi insan kəlamıdır!” Tezliklə onu Səqərə (Cəhənnəmə) salacağam. Sən haradan biləsən ki, Səqər nədir?! O, (elə bir oddur ki,) nə saxlayar, nə də buraxar, bədənin dərisini tamamilə dəyişər. Onun üzərində on doqquz (gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını müəyyən etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, kitab əhli yəqinlik hasil etsin, iman gətirənlərin imanı artsın, kitab əhli və möminlər (bu səmavi kitabın haqq olduğuna) şübhə etməsinlər, qəlblərində xəstəlik olanlar və kafirlər: “Allah bu təsvirlə nə demək istəyir?” – desinlər. Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir. Sənin Rəbbinin qoşunlarından Onun Özündən başqa heç kəs xəbərdar deyil. Bu, insanlar üçün ancaq bir xəbərdarlıq və xatırlatmadır. Xeyr (onlar düşündükləri kimi deyil)! And olsun aya! And olsun arxa çevirib gedən gecəyə! And olsun ağarmaqda olan sübh çağına! O (Qiyamət gününün qorxulu hadisələri) çox mühüm məsələlərdəndir, bütün insanlar üçün xəbərdarlıq və qorxutmadır, sizlərdən (doğru yolda) irəli çıxmaq və ya (doğru yoldan) geri qalmaq istəyənlər üçün. Hər kəs öz əməllərinin girovundadır, (iman və təqvalarının göstəricisi olaraq əməl dəftərləri sağ əllərinə verilmiş) sağ tərəf sahiblərindən başqa. Onlar Cənnət bağlarındadırlar. Onlar soruşacaqlar – günahkarlardan: Sizi Cəhənnəmə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Kasıbları da yedizdirməzdik. Batil yolda olanlarla oturub-durar, həmsöhbət olardıq və haqq-hesab gününü inkar edərdik – ölümümüz yetişənə qədər”. ————————————————————————————- 11-25. Mənfur plan: Bu ayələrin nazilolma səbəbi: Deyilənə görə Peyğəmbər (s) Kəbənin ətrafında “Hicri-İsmaıl” adlanan yerdə oturub Quran oxuyurmuş. Qüreyş müşrikləri qoca və Peyğəmbəri (s) məsxərəyə qoyanlardan olan Vəlid ibn Müğeyrənin yanına gedib deyirlər: “Ey Əbu Əbdüşşəms, Muhəmmədin bu söylədikləri nədir? Şeirdir, kahinlikdir (cinlərlə əlaqədir), ya xütbədir?” Vəlid deyir: “İcazə verin, gedib dinləyim”. Vəlid Peyğəmbərin (s) yanına gedir və o həzrətə (s) belə xitab edir: “Ey Mühəmməd, mənə şeirlərindən oxu!” Peyğəmbər (s) buyurur: “Onlar şeir deyil, Allahın mələklər və Öz peyğəmbərləri üçün seçdiyi sözlərdir”. Vəlid deyir: “Ondan mənə bir şey oxu”. Peyğəmbər (s) “Fussilət” surəsini oxuyub 13-cü ayəyə, yəni “Əgər onlar üz çevirsə, de: “Sizi Ad və Səmuda göndərilən ildırım kimi bil ildırımla qorxuduram” ayəsinə çatanda Vəlidin bədəninə titrətmə düşür, bədəninin bütün tükləri biz-biz olur, evinə gedir, daha qüreyşlilərin yanına qayıtmır. Müşriklər Əbu Cəhlin yanına gedib deyirlər: “Ey Əbülhikəm[6], Əbu Əbdüşşəms Mühəmmədin dininə meyl göstərir, görmürsən qayıtmadı?” Əbu Cəhl Vəlidin yanına gedib deyir: “Əmi, bizi məyus və rüsvay, düşməni isə şad etdin, Mühəmmədin dininə meyl göstərdin”. Vəlid cavab verir: “Mən onun dininə meyl göstərmədim. Ancaq elə ağır bir söz eşitdim ki, bədənimə titrətmə düşdü”. Əbu Cəhl soruşur: “Xütbədir?” Vəlid deyir: “Xütbə deyil. Xütabə bir-birinə qarışmış mürəkkəb sözlərdən ibarətdir, bunun sözləri isə qarışıq və mürəkkəb deyil, açıq-aydındır, bir-birinə bənzəmir”. Əbu Cəhl soruşur: “Şeirdir?” Vəlid deyir: “Yox, mən müxtəlif şeir formaları görmüşəm, ancaq bu, şeir deyil”. Əbu Cəhl soruşur: “Bəs nədir?” Vəlid deyir: “İcazə verin, bir az düşünüm”. Həmin günün səhəri Vəliddən soruşurlar: “Ey Əbu Əbdüşşəms, dediklərimiz haqqında nə qərara gəldin?” Vəlid cavab verir: “Deyin ki, o sehir-cadudur, insanların qəlbini ələ alır”. Allah-taala bundan sonra bu ayələri göndərir: “Məni Öz yaratdığımla tək burax…”[7] 30-31. Cəhənnəm məmuru: 30-cu ayədə Cəhənnəmin məmurlarının sayının 19 olduğu buyurulduqdan sonra bunu eşidən Əbu Cəhl istehza ilə üzünü Qüreyş müşriklərinə tutub deyir: “Ananız matəminizə otursun! Eşitmişəm, Mühəmməd Cəhənnəm gözətçilərinin sayının on doqquz nəfər olduğunu deyib. Sizlərdən on nəfərin onlardan birini məğlub etməyə gücü çatmazmı?” Qüreyşin güclü adamlarından biri deyir: “Mən sizi qorumaq üçün onların on yeddisinin öhdəsindən gələrəm. Siz də məni qorumaq üçün onların qalan ikisinə qarşı mübarizə aparın”. Allah-taala onların bu boş danışıqlarına cavab olaraq belə buyurur: “Bu say bizim tərəfimizdən müəyyən edilib, onlar öz işlərinin öhdəsindən gəlməyə qadirdirlər. Lut qövmünü bir neçə mələk məhv etdi. Biz onların sayını sizə bildirməklə sizi sınağa çəkib Allahın sözləri qarşısında necə reaksiya verəcəyinizi – itaət göstərib təvazökarlıq göstərəcəyinizi, yoxsa asi olub istehza edəcəyinizi üzə çıxarmaq istəyirik. Yəhudilər və xristianlar da əmin olsunlar ki, Quran haqdır. Çünki Cəhənnəm gözətçilərinin sayı onların da kitabında qeyd edilib. Kitab əhlinin cavabı ilə möminlərin inamı daha da artacaq, münafiqlər və kafirlər isə rişxəndlə və təhqiramiz şəkildə: “Bu nə məsəldir?” deyəcəklər”.[8] 38-39. Əməllərinin girovunda olmayan şəxslər: Bu ayələrdə bütün insanların etdikləri əməllərin girovunda olduğu buyurulmuşdur. Sanki insanların bütün varlıqları onların üzərlərinə düşən vəzifələrin girovundadır. Əgər onları yerinə yetirsələr, azad olacaqlar, əgər yerinə yetirməsələr, əsarət altında qalacaqlar. Sağ tərəf sahibləri bu əsarətdən azaddırlar. Onlar iman və saleh əməl sahibləridirlər, cüzi günahları yaxşı əməllərinin kölgəsində qalır. Onlar Cənnətə ya heç bir sorğu-sulasız daxil olacaqlar, ya da sorğu-sualdan çox asanlıqla keçəcəklər. İmam Baqir (ə) buyurmuşdur: “Həm biz, həm də şiələrimiz sağ tərəf əhliyik. Biz Əhli-beytlə düşmənçilik edən hər bir kəs əməllərinin əsarətində qalacaq.”[9]   Buna görə də şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Nə üçün onlar xatırlatmadan üz döndərirlər? Sanki ürküdülmüş vəhşi eşşəklərdir ki, aslandan qaçırlar. Onların hər biri  onlara ayrı-ayrılıqda (Allah tərəfindən) məktub gəlməsini gözləyir. Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Onlar axirətdən qorxmurlar. Xeyr (heç də onlar söylədikləri kimi deyil)! Bu (Quran) bir xatırlatmadır. İstəyən ondan nəsihət götürər. Allah istəmədikcə heç kəs nəsihət götürə bilməz. Qorxub çəkinməyə layiq olan da, bağışlamasına ümid edilən də Odur! [1] Nümunə, c.25, səh.192 [2] Əl-Mizan, c.20, səh.85 [3] Əl-Mizan, c.20, səh.86 [4] Əl-Mizan, c.20, səh.88 [5] Nümunə, c.25, səh.213 [6] Əbu Cəhl adını ona Peyğəmbər (s) qoymuşdu. [7] Əl-Mizan, c.20, səh.100 [8] Əl-Mizan, c.20, səh.94 [9] Nümunə, c.25, səh.250

QURANI KƏRIM 19.02.2025

“Muzzəmmil” surəsi

“Muzzəmmil” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey paltara bürünmüş! Gecəni – az bir hissəsi istisna olmaqla – dur! Gecənin yarısını, yaxud ondan bir az əskilt, və ya onun yarısına artır. Quranı diqqətlə və düşünərək oxu! Biz tezliklə sənə ağır bir söz vəhy edəcəyik. Sözsüz ki, gecənin namazı və ibadəti sabit və möhkəmdir (mənəvi təsirləri sabit və davamlıdır). Gündüz sənin uzun-uzadı və davamlı işlərın olacaq. Rəbbinin adını yad et və qəlbini yalnız Ona bağla! O, gündoğanın və günbatanın Rəbbidir. Ondan başqa məbud yoxdur. Onu özünə mühafizəçi və vəkil seç! (Düşmənlərin) dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş. Məni, yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver. Bizdə (onlar üçün) buxovlar, zəncirlər və Cəhənnəm hazırlanmışdır, boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da (vardır). O gün yer və dağlar şiddətlə titrəyəcək, dağlar yumşaq qum topalarına dönəcəkdir. Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik. Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq. Əgər küfr etsəniz, uşaqları qocaldacaq gündə özünüzü (əzabdan) necə xilas edəcəksiniz?! Göy parçalanacaq. (Allahın) vədi mütləq yerinə yetəcəkdir. Bu, bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf yönələr. ————————————————————————————— “Muzzəmmil” surəsinin ümumi məzmunu: Bu surə məzmun etibarı ilə beş hissədən ibarətdir: 1. Peyğəmbərin (s) peyğəmbərliyin ağır proqramını qəbul etməyə hazırlaşmaq üçün gecəni oyaq qalmağa və Quran oxumağa dəvət edilməsi. 2. O həzrətin (s) xüsusən bu zaman kəsimində müxaliflərə qarşı səbirli və dözümlü olmağa çağırılması. 3. Məad mövzusu və Musa ilə Fironun əhvalatından sitat. 4. Müsəlmanların çətinliyi olduğu üçün surənin əvvəlində gecəni qalxmaqla bağlı olan göstərişin yüngülləşdirilməsi. 5. Quran oxumağa, namaz qılmağa, zəkat verməyə, Allah yolunda xərcləməyə və Allahdan bağışlanma diləməyə dəvət.[1] Ey paltara bürünmüş: Bu və “Müddəssir” surəsinin ayələrinin məzmunundan belə məlum olur ki, müşriklər Peyğəmbəri (s) məsxərəyə qoyub onu çox incidirlər. Peyğəmbər (s) öz vəzifəsini yerinə yetirərkən bu cür dözülməz çətinliklərlə qarşılaşdığı üçün kədərlənir, qəm-qüssəsini dağıtmaq üçün paltarını özünə bürüyüb yatır. Buna görə də Allah Peyğəmbərə (s) “ey paltara bürünmüş!”, – deyə xitab edir, onu gecəni oyaq qalmağa, namaz qılmağa, kafirlərin söylədikləri qarşısında səbirli və dözümlü olmağa çağırır. “Bəqərə” surəsinin 153-cü ayəsində də ona “səbir və namazdan kömək al”, – deyə göstəriş verilmişdir. Ümumiyyətlə, Peyğəmbərə (s) çətinlik və problemlərə müqavimət göstərə bilmək üçün namaz və səbirdən yardım almaq, əbaya bürünüb yatmaqdan çəkinmək əmr edilmişdir.[2] “Tərtil”in mənası: Bu ayədə daha çox qabardılan məsələ Quran oxumaq deyil, “tərtil”dir. “Tərtil” haqqında müxtəlif hədislər nəql edilmişdir. Lakin onların hər biri bu sözü müxtəlif yönlərdən izah etməyə xidmət edir. Möminlərin əmiri İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Onu aydın şəkildə bəyan et, şeir kimi sürətlə və dalbadal oxuma, qum dənələri kimi səpələmə, elə oxu ki, onunla sərt qəlbləri əzib ayıldasan, hədəfiniz yalnız surəni sona çatdırmaq olmasın.” İmam Sadiq (ə) “tərtil” barəsində belə buyurmuşdur: “Cənnətin xatırlandığı ayələri oxuduqda Allahdan Cənnət istə, Cəhənnəmdən bəhs edən ayələri oxuduqda ondan Allaha sığın.” İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “Tərtil odur ki, ayələr üzərində dayanıb onları gözəl səslə oxuyasan.” Bu və eyni məzmunu ifadə edən başqa hədislərdən belə başa düşülür ki, Quran ayələri məzmunsuz və məqsədsiz sözlər kimi oxunmamalı, onda oxucuya və dinləyiciyə təsir göstərəcək məsələlər diqqət mərkəzinə alınmalıdır. Yaddan çıxarmaq olmaz ki, bu, Allahın ismarışıdır və məqsəd ayələrin ehtiva etdiyi mənaların həyata keçirilməsidir.[3] Gecə namazı sabitdir: Gecə edilən ibadətin, xüsusilə, səhər, dan yeri sökülməmişdən qabaq qılınan namazın ruhun saflaşmasına, nəfsin təmizlənməsinə, insanın mənəvi tərbiyəsinə, qəlbin paklanmasına, iman və iradənin güclənməsinə, təqva əsaslarının qəlbdə və ruhda möhkəmlənməsinə böyük təsiri var. Hətta bir dəfə sınaqdan keçirməklə insan onun təsirlərini özündə açıq-aşkar hiss edir. Buna görə də Quran ayələri ilə yanaşı hədislərdə də ona xüsusi önəm verilmişdir. İmam Sadiq (ə) belə buyurmuşdur: “Üç şey Allahın xüsusi nəzarətində olan davranışlardandır: gecə namazı, oruc tutana iftar vermək, müsəlman qardaşla görüşmək.” İmam Sadiq (ə) “Hud” surəsinin 114-cü ayəsinin izahı ilə bağlı belə buyurmuşdur: “Gecə namazı gündüz edilən günahları aradan aparır.”[4]   Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi ya gecənin üçdə ikisindən az, ya yarısını, ya da üçdə birini durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, bilir ki, siz bu miqdarı (dəqiq) hesablaya bilmirsiniz, buna görə sizi bağışlayır. Elə isə Qurandan imkanı çatdığı qədər oxusun! O bilir ki, tezliklə bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə səfərə çıxır, bir qisminiz də Allah yolunda vuruşur. Buna görə Qurandan sizə mümkün olan qədərini oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyirli işlərin Allah yanında daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Allahdan sizi əfv etməsini istəyin! Allah bağışlayandır, rəhmlidir! [1] Nümunə, c.25, səh.163 [2] Əl-Mizan, c.20, səh.66 [3] Nümunə, c.25, səh.170 [4] Nümunə, c.25, səh.172

QURANI KƏRIM 19.02.2025

“Cinn” surəsi

“Cinn” surəsi Rəhman və Rəhim Allahın adı ilə! De: “Mənə vəhy olunub ki, cinlərdən bir dəstə sözlərimi dinlədikdən sonra deyiblər: “Biz heyrətamiz bir Quran dinlədik! O, doğru yola yönəldir. Biz ona iman gətirmişik və əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq. Rəbbimizin əzəmətli məqamı çox ucadır. O, nə zövcə, nə də övlad seçməyib. Bizim səfehimiz (İblis) Allah haqqında xoşagəlməz sözlər danışırdı. Biz güman edirdik ki, insanlar da, cinlər də Allaha əsla iftira atmazlar. İnsanlardan bəzi kişilər cinlərdən bəzi kişilərə sığınırdılar. Bunlar da onların azğınlığının artmasına səbəb olurdular. Onlar da siz güman etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri heç vaxt diriltməyəcəkdir. Biz səmanı axtarıb onun güclü gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göylərdə oturardıq. Amma indi kim bunu etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr. Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir? Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz fərqli-fərqli dəstələrik. Tam əminliklə bilirik ki, Allahın yer üzərindəki iradəsinə qalib gələ və Ondan qaçıb yaxa qurtara bilmərik. Biz Quranın doğru yolu göstərdiyini eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz. ————————————————————————————– “Cinn” surəsinin ümumi məzmunu: Bu surədə gözəgörünməz varlıqlar olan cinlərdən danışılır. Bu surənin nazilolma səbəbi ilə bağlı qeyd edilmiş rəvayətlər eynilə “Əhqaf” surəsinin 29-32-ci ayələrinin nazilolma səbəbi ilə bağlı nəql edilmiş rəvayətlərlə uyğunluq təşkil edir. Bu da onların hər ikisinin eyni hadisə ilə bağlı nazil olduğunu göstərir (Daha ətraflı məlumat üçün bax: “Əhqaf” surəsi, 29-32-ci ayələr).[1] Cin: “Cinn” leksik mənasından da məlum olduğu kimi, gözəgörünməz varlıqdır. Quranda onun bir çox xüsusiyyətlərinə işarə edilmişdir: 1. Od şöləsindən yaranıblar (Rəhman-15); 2. Elm və idrak sahibidirlər, haqla batili ayıra bilirlər, məntiqli mühakimə və əsaslandırma gücləri var (Cinn surəsi); 3. Məsuliyyət daşıyan və mükəlləfiyyəti olan varlıqlardır (Cin və Rəhman surələri); 4. Bir dəstəsi əməlisaleh mömin, başqa bir qrupu isə kafirdir (Cinn-11); 5. Qiyamət günü onlar da dirildiləcək və Allah hüzuruna qaytarılacaqlar (Cinn-15); 6. Onların göylərə qalxmaq, oradakı söhbətlərə gizlicə qulaq asmaq qüdrətləri olmuş, İslam peyğəmbəri (s) seçildikdən sonra bu iş onlara qadağan edilmişdir (Cinn-9); 7. Onların bəzisinin insanlarla əlaqəsi olmuş, məhdud şəkildə xəbərdar olduqları bəzi gizli sirlərdən insanları haqq yoldan azdırmaq üçün istifadə etmişlər (Cinn-6); 8. İnsanlarda olduğu kimi, onların da bəzisi qeyri-adi gücə malikdir (Nəml-29); 9. Onların bəzisi insanların ehtiyac duyduğu bəzi işləri görə bilir (Səba-12-13); 10. Onların yaranışı insanın yaranışından əvvəl olmuşdur (Hicr-27)… Bundan əlavə, Quran ayələrindən belə məlum olur ki, onların bizdən daha yaxşı olduğunu düşünən insanların söylədiklərinin əksinə olaraq insanlar növ olaraq cinlərdən daha üstündürlər. Cinlərin insan növünə aid Peyğəmbərə (s) təslim olmaları, ona iman gətirmələri və itaət göstərmələri də bu faktı təsdiq edir. Ümumiyyətlə, Şeytana Adəmin önündə səcdə etməsi ilə bağlı əmr verilməsi insan növünün cin növündən üstün olduğunu göstərir. Çünki Şeytan həmin vaxt cin tayfasının böyüklərindən olmuşdur (Kəhf-50). Sadə və məlumatsız insanlar bu varlıq haqqında ağla və məntiqə zidd olan çoxlu xurafatlar qondarmışlar. Buna görə də cin adı gələndə bir ovuc xurafat da onunla birlikdə gəlir. O cümlədən, onların qeyri-adi və qorxulu simalı, quyruqlu, dırnaqlı, zərərverici, ziyanverici, kinli, pis davranışlı və bu kimi neqativ xüsusiyyətlərə malik varlıqlar olduğu uydurulmuşdur. Hər halda Quranda bir az yuxarıda sadaladığımız xüsusiyyətlərə malik olan bir varlığın mövcudluğundan xəbər verilmişdir. Eyni zamanda onların mövcudluğunu inkar edən heç bir əqli dəlil də yoxdur. Buna görə də bu faktı qəbul etməli, yanlış və xoşagəlməz yozumlardan uzaq durmalı, sadə və məlumatsız insanların xurafatlarından qorunmaq lazımdır.[2] Bizlərdən bir qismi müsəlman, bir qismi zalımdır. Müsəlman olan şəxslər doğru yol tutanlardır. Zalımlar Cəhənnəm üçün yanacaq və odun olacaqlar”. Əgər onlar (insanlar və cinlər) o yolda sabit qalsalar, Biz onlara bol-bol su verərik. Belə edərdik ki, onları bu bol nemətlə sınayaq. Kim öz Rəbbini xatırlamaqdan üz döndərərsə, O, həmin şəxsi şiddətli və artan bir əzaba məruz qoyar. Məscidlər Allahındır. Elə isə, heç kəsi Allahla yanaşı çağırmayın! Allahın qulu ibadət etməyə qalxıb Allahı çağırdıqda bir dəstə onun dövrəsində güclü izdiham yaradır. De: “Mən yalnız öz Rəbbimi çağırıram və kimisə Ona şərik qoşmuram!” De: “Mən sizə nə ziyan verməyə, nə də doğru yola yönəltməyə qadirəm!” De: “(Əgər mən də Onun əmrindən çıxsam,) məni Onun qarşısında heç kəs himayə edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! Mənim vəzifəm yalnız Allah tərəfindən çatdırmaq və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacağı Cəhənnəm odu hazırlanmışdır”. Onlar (kafirlər) vəd olunduqları şeyi görənə qədər (öz təxribatlarını davam etdirəcəklər). Onda onlar kimin köməkçisinin daha zəif və adamlarının daha az olduğunu biləcəklər. De: “Mən sizə vəd olunmuş hadisənin yaxın olduğunu və yaxud Rəbbimin onun üçün bir zaman təyin etmiş olduğunu bilmirəm. O, qeybi biləndir və heç kəsi Öz qeybinin sirlərindən xəbərdar etməz, seçdiyi elçilərdən başqa. Onların önlərində və arxalarında gözətçilər qoyur ki, elçilərin Rəblərinin göndərdiklərini təbliğ etdiyini bilsin. O, onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. ———————————————————————————- 16-17. Bol nemətlərlə sınamaq: Allah-taala Quranda diqqətləri iman və təqvanın təkcə maddi nemətlərin, maddi abadlığın və firavanlığın artmasına səbəb olan mənəvi bərəkətlərin mənbəyi olmadığına yönəldir. Bu ayələrə əsasən nemət bolluğuna səbəb olan amil iman deyil, imanda sabit qalmaqdır. Çünki keçici və müvəqqəti iman bolluğa səbəb ola bilməz. Önəmli olan iman və təqvada sabit qalmaqdır. Çoxlarının bu yolda ayağı sürüşüb, çoxları bu yolda özlərini sabit saxlaya bilməyib. 17-ci ayədə buyurulur ki, nemət bolluğu insanları sınamaq və bu bolluğun onların təkəbbür və qəflətinə, yoxsa ayılmasına, Allaha şükür etməsinə və Ona daha çox üz tutmasına  səbəb olduğunu ayırd etmək üçündür. Buradan da aydın olur ki, ilahi sınağın mühüm səbəblərindən biri nemət bolluğudur. Əslində, nemətlə olunan imtahan çətinliklər vasitəsilə edilən imtahandan daha çətin, daha mürəkkəbdir. Çünki nemətin bolluğu insanın süstlük, tənbəllik, qəflət, ləzzət və nəfsi istəklər içində qərq olmasına səbəb olur, onu Allahdan uzaqlaşdırır, meydanı Şeytanın fəaliyyəti üçün açıq edir. Nemət bolluğu və onun mənfi təsirlərindən yalnız daim Allahı yadında saxlayan, Onu unutmayan, qəlb evini şeytanların nüfuzundan qoruyanlar xilas ola bilər.[3] Məscidlər Allahındır: Bu ayədə qeyd edilmiş “məscidlər” sözü ilə bağlı müxtəlif izahlar verilmişdir: 1. Allaha səcdə edilən məkanlar. Onların da ən kamil nümunəsi Məscidül-həram və digər məscidlər, daha geniş mənada Allahın çağırıldığı və Ona səcdə edilən bütün yerlərdir. Peyğəmbər (s) məşhur bir hədisində belə buyurmuşdur: “Bütün yer üzü mənim üçün səcdəgah və paklıq (təyəmmüm) vasitəsi edildi”. Bu hədisə əsasən “məscidlər” sözü hər yerə şamil olur. Bu ayə həm Kəbə evini bütxanaya çevirən müşrik ərəblər və qeyri-ərəblərə, həm də öz kilsələrində üçlük inancını qoruyub üç Allaha sitayiş edən xristianlara cavab verir. Allah-taala Quranda buyurur ki, bütün məbədlər Allaha məxsusdur, onlarda Allahdan başqasına səcdə etmək olmaz, Ondan qeyrisinə sitayiş etmək qadağandır. 2. Məscidlər deyilərkən yeddi səcdə üzvü (alın, iki əlin içi, dizlər, və iki ayağın başqa barmaqlarının ucu) nəzərdə tutulur. Bu üzvləri təkcə Allah üçün yerə qoymaq lazımdır, Ondan qeyrisinin qarşısında bunu etmək qadağandır. Bu izah İmam Cavadın (ə) bir hədisindən götürülmüşdür. Əlbəttə, ayənin zahiri ilə daha çox birinci izah düz gəlir, ikinci təfsir ayənin məna genişliyini göstərmək üçün ola bilər.[4]   [1] Nümunə, c.25, səh.97 [2] Nümunə, c.25, səh.154 [3] Nümunə, c.25, səh.122 [4] Nümunə, c.25, səh.124

QURANI KƏRIM 19.02.2025

“Nuh” surəsi

“Nuh” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Biz Nuhu öz qövmünə göndərib dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməzdən əvvəl qorxut!” O dedi: “Ey qövmüm! Mən sizin üçün açıq-aşkar qorxudanam! Allaha ibadət edin, Ona qarşı çıxmaqdan qorxun və mənə itaət edin! Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Çünki Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmayacaq. Kaş biləydiniz!” O dedi: “Ey Rəbbim, mən qövmümü gecə də, gündüz də dəvət etdim. Amma dəvətim yalnız onların haqdan qaçmalarını artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və inadkarlıqla təkəbbürlənirdilər. Sonra mən onları uca səslə dəvət etdim. Sonra mən onlara aşkarda, həm də gizlində bəyan edib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! O, çox bağışlayandır! ———————————————————————————— Gündoğanların və günbatanların Rəbbi: Quranın ayələrində bəzən gündoğan və günbatan, (Bəqərə-115), bəzən iki gündoğan və iki günbatan (Rəhman-17), bəzən də bu ayədə olduğu kimi gündoğanlar və günbatanlar ifadəsi işlədilmişdir. Bu da onunla bağlıdır ki, günəş hər gün yeni bir nötədən çıxıb yeni bir nöqtədə batır. Buna görə də ilin hər gününə uyğun olan günçıxan və günbatan vardır. Digər tərəfdən, bu gündoğanlar və günbatanlar arasında ikisi daha seçkindir: biri yayın əvvəli, yəni günəşin şimal dairəsində ən yüksək zirvəyə qalxdığı, digəri isə qışın əvvəli, yəni günəşin cənub dairəsinə ən çox yaxınlaşdığı vaxtdır. Onların birinə “əqrəb”, digərinə isə “oğlaq başı” deyilir. Bu ikisi tam qabarıq olduğu üçün onlara daha çox təkid edilmişdir. Bundan əlavə “bərabər günbatan və gündoğan” adlandırılan daha iki gündoğan və günbatan da vardır (yazın və payızın əvvəli. Bütün dünyada gecə ilə gündüzün bərabərləşdiyi vaxt). Buna görə də “Rəhman” surəsinin 17-ci ayəsində “iki gündoğan və iki günbatanın Rəbbi” deyilərkən bu fakta işarə edildiyi qeyd edilmişdir. “Günbatan və gündoğan” ifadəsinə gəlincə isə, bu mənanın ümumilikdə nəzərdə tutulduğu bildirilir.[1] Sanki bütlərinə doğru tələsirlər: Ayədə müşriklərin Qiyamət günü Allahın ədalət məhkəməsinə qaçışı təsvir edilmişdir. Onların bu qaçışları bu dünyada şənlik və matəm vaxtları bütlərinə doğru qaçışlarına bənzədilmişdir. Ancaq bu hara, o hara?! Bu, əslində, dünyada puç inanclar üzərində həyat qurub onlar üçün yaşayan insanları məzəmmətdir.[2] “Nuh” surəsinin ümumi məzmunu: Bu surədə həzrət Nuhun (ə) peyğəmbərlik fəaliyyətindən, qövmünün ona mənfi cavab verməsindən, Nuhun (ə) onlara nifrin etməsindən, kafirlərin məhv, möminlərin isə bağışlanıb xilas olmasından danışılır.[3] 5-9. Təbliğat metodu: Bu surədə Nuhun (ə) çağırışından bəhs edən ayələr Peyğəmbər (s) və Məkkədə ona qoşulmuş azsaylı möminlərə təsəlli xarakteri daşımaqla yanaşı Allah yolunun təbliğatçıları üçün də ümumi bir proqram rolunu oynayır. Nuh (ə) camaatın onun çağırışına müsbət cavab verəcəyini, şəhərin mərkəzində toplaşıb onu dinləyəcəyini, gözlərini onun ağzına dikib sakitcə qulaq asacağını gözləmirdi. Ayələrin məzmunundan belə başa düşülür ki, o, bəzən evlərə gedir, bəzən küçə və bazarlarda uca səslə çağırış edir, hövsələ, qayğı və sevgi ilə təbliğat aparır, bəzən isə bayram və matəm məclislərinə gedir Allahın fərmanını uca səslə və aşkarcasına onlara çatdırırdı. Ancaq həmişə xoşagəlməz reaksiyalarla, təhqirlərlə qarşılaşır, döyülür, xəsarət alırdı. Bununla belə, işindən əl çəkmirdi. Bu heyrətamiz hövsələsi, qayğısı, misilsiz səbir və dözümü onun haqq dinə dəvət yolundakı sərmayəsi idi. Ən təəccüb doğurun cəhət də budur ki, təbliğat apardığı doqquz yüz əlli il müddətində ona cəmi səksən nəfər iman gətirmişdi. Əlbəttə, insanlara yalnız o adam yaxşı rəhbər, öndər, lider və yolgöstərən ola bilər ki, vəzifəsini sevsin, insanlara ürəyi yansın, onlara məhəbbət bəsləsin. Əgər ata və ananın övladlarına qarşı sevgisi olmasaydı, onlar övladlarının təlim-tərbiyə çətinliklərinə əsla qatlaşmazdılar. Əgər peyğəmbərlər insanların  doğru yola yönəlməsini istəməsəydilər, bu işin ömür tükədən çətinliklərini qəbul etməz və bu yolun təhlükələrini üzərlərinə almağa razı olmazdılar.[4] O, göydən sizə ardıcıl bərəkətli yağışlar göndərər, var-dövlət və oğul-uşaqla sizə yardım edər, ixtiyarınıza yamyaşıl bağlar və axar çaylar verər. Nə üçün siz Allahın əzəmətini qəbul etmirsiniz? Halbuki O sizi müxtəlif mərhələlərlə yaratdı. Məgər Allahın yeddi göyü bir-birinin üstündə necə yaratdığını bilmirsiniz? Ayı göylərin arasında bir nur, günəşi də parlaq çıraq etmişdir. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. Allah yeri sizin üçün açılmış bir xalı etdi. (Belə etdi) ki, oradakı geniş yollar və dərələrlə hərəkət edəsiniz”. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövlətləri, övladları özlərinə zərərdən başqa bir şey artırmayan adamlara tabe oldular. (Bu yolunu azmış rəhbərlər) böyük bir hiylə işlətdilər və dedilər: “Öz məbudlarınız və bütlərinizdən əl çəkməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!” Artıq onlar çoxlarını azdırmışlar. Ey Rəbbim! Zalımlara azğınlıqdan başqa bir şey artırma”. Onlar öz günahlarına görə (suya) qərq edildilər və Cəhənnəm oduna daxil oldular. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar. Nuh dedi: “Ey Rəbbim, kafirlərdən heç birini yer üzündə sağ buraxma! Çünki Sən onları (sağ) qoysan, qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törəyəcəklər. Ey Rəbbim! Məni, atamı, anamı, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”. —————————————————————————————– 10-12. Allahdan bağışlanma diləməklə abadlığın əlaqəsi: Quranın bu və digər ayələrindən belə başa düşülür ki, Allahdan bağışlanma diləməklə nemət bolluğu, abadlıq, şad-xürrəm həyat, müsibətlərin aradan qalxması, problemlərin öz həllini tapması arasında xüsusi əlaqə var. Zülm və fəsadla nemətlərin əldən çıxması və problemlərin meydana gəlməsi arasında da birbaşa əlaqə vardır. Əlbəttə, bu əlaqə yalnız mənəvi əlaqəyə aid deyil, mənəvi əlaqə ilə yanaşı çox aydın maddi əlaqə də vardır. Küfr və inamsızlıq məsuliyyətsizlik hissinə, qanun pozuntusuna, əxlaqi dəyərlərin unudulmasına, bunlar da öz növbəsində insanlar arasında vəhdətin pozulmasına, etibar və inam əsaslarının laxlamasına, insani və iqtisadi qüvvələrin itirilməsinə, sosial tarazlığın pozulmasına səbəb olur. Bu prinsiplərin hakim olmadığı cəmiyyət sürətlə geriləyir, süquta uğrayır, məhvə doğru gedir. Əgər biz hər hansı cəmiyyətin iman və təqvaya malik olmadığı halda, maddi cəhətdən nisbətən inkişaf etdiyini görürüksə, bunun özü də həmin cəmiyyətin bəzi əxlaq prinsiplərini az da olsa diqqət mərkəzində saxlaması ilə bağlıdır. İmam Əli (ə) buyurmuşdur: “Allahdan çoxlu bağışlanma dilə ki, ruzini özünə doğru cəlb edəsən.”[5] Vəd, Suva, Yəğus, Yəuq və Nəsr bütləri: Kontekstən belə məlum olur ki, bu bütlər həmin azğın camaatın nəzərində xüsusi imtiyaz sahibi olan bütlər sayılmışlar. Buna görə də fürsətdən maksimum istifadə edən rəhbərlər onlara ibadətə əsaslanırdılar. Bu beş bütün haradan peyda olması ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bəziləri iddia edir ki, bu beş büt Nuhdan əvvəl yaşamış beş əməlisaleh şəxsin adıdır. Onlar dünyalarını dəyişdikdən sonra Şeytanın təhriki ilə onlara heykəl düzəldib yadigar saxlamış, ehtiram göstərmişlər. Bu adət tədricən bütpərəstliyə çevrilmişdir. Bəziləri hesab edir ki, onlar Adəmin övladlarının adlarıdır. Hər biri dünyadan köçdükdən sonra xatirəsini əziz tutmaq üçün heykəlini düzəltmişdilər. Ancaq zaman keçdikcə əsl həqiqət unudulmuş və həmin heykəllərə sitayiş etməyə başlamışdılar. Həmin ənənə Nuhun (ə) dövründə zirvə nöqtəsinə çatmışdı. Bəziləri də hesab edir ki, bunlar elə Nuhun (ə) öz dövründə düzəldilmiş bütlərdir. Bunun səbəbi isə Nuhun (ə) insanlara Adəmin qəbrinə təvaf etməyi qadağan etməsi olmuşdur. Belə ki, bir qrup adam İblisin təhriki ilə onun yerinə heykəllər düzəltmiş və onlara sitayiş etməyə başlamışdılar. Həmin adlar Cahiliyyət dövrünün ərəblərinə qədər gəlib çıxmış, hər bir qəbilə öz bütü ilə yanaşı bu bütlərdən də birini seçib ona sitayiş etmişdir.[6] 26-27. Nuhun (ə) son nifrini: Həzrət Nuh (ə) bütün cəhdlərini etdikdən, qövmünün iman gətirməsi üçün əlindən gələn hər bir yolu sınaqdan keçirdikdən və yalnız az sayda adamın iman gətirməsinə nail olduqdan sonra qalanlardan ümidini kəsir və Allahdan istəyir ki, kafirlərdən heç birini sağ buraxmasın. Bu da onu göstərir ki, peyğəmbərlərin heç birinin, o cümlədən Nuhun (ə) nifrin etməsinin səbəbi qəzəb, kin-küdurət, intiqam hissi olmamışdır. Bu nifrinlərin bir məntiqi hesabı olmuşdur. Nuh (ə) elə də kəmhövsələ adam deyildi ki, kiçik bir hadisə ilə əzmkarlığından əl çəkib nifrinə əl atsın. Quranın buyurduğuna görə o, doqquz yüz  əlli il dəvət, səbir, təmkin və əzmkarlıq göstərmiş, əzab-əziyyətlərə qatlaşmış, nəhayət tam naümid olduqdan sonra nifrinə əl atmışdır. Bu ayələrin ümumi məzmunundan belə başa düşülür ki, Allahın əzabları hikmətə əsaslanır.[7]   [1] Nümunə, c.25, səh.45 [2] Nümunə, c.25, səh.48 [3] Əl-Mizan, c.20, səh.29 [4] Pəyame-Quran, c.7, səh.62; Nümunə, c.25, səh.65 [5] Nümunə, c.25, səh.71; Əl-Mizan, c.20, səh.33 [6] Nümunə, c.25, səh.83 [7] Nümunə, c.25, səh.88

QURANI KƏRIM 19.02.2025

“Məaric” surəsi

“Məaric” surəsi Rəhman və Rəhim Allahın adı ilə! İstəyən kimsə baş verən əzabı istədi – Bu əzab kafirlər üçündür. Heç kəs onu dəf edə bilməz. O, (mələklərin enib qalxdığı) pillələr sahibi olan Allah tərəfindəndir. Mələklər və Ruh (Allaha yaxın mələk) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. Sən təmkinlə səbr et! Çünki onlar həmin günün uzaqda olduğunu güman edirlər. Biz isə onun yaxın olduğunu görürük. O gün göy ərimiş metal kimi olacaqdır. Dağlar da didilmiş rəngli yuna bənzəyəcək. Dost dostunu axtarmayacaq. ———————————————————————————- 44-47. Allahın adından yalan danışmağa möhlət yoxdur: Burada ortaya belə bir məsələ çıxır ki, əgər Allah Onun adından yalan danışan hər bir kəsi dərhal cəzalandırıb məhv etsəydi, onda yalançı peyğəmbərlərin hamısı tez bir zamanda məhv edilməli idi. Halbuki biz bunun belə olmadığının, onların uzun illər yaşadıqlarının, hətta yanlış dinlərinin özlərindən sonra da davam etdiyinin şahidi oluruq. Məsələ burasındadır, ki, Allah “hər bir iddiaçı deyil, yalnız İslam peyğəmbərinin yalan deyəcəyi təqdirdə belə edəcəyini” buyurur. Yəni Allahın möcüzə verdiyi, həqiqətən peyğəmbər olduğunu göstərən dəlillərini təsdiq etdiyi bir peyğəmbər haqq yoldan çıxarsa, ona bir an olsun belə, möhlət verməz. Çünki o, insanların haqq yoldan sapmasına səbəb olar. Əgər belə bir addım atsa, Allah onu məhv etməklə sözlərinin yalan olduğunu hər kəsə sübut edər.[1] “Məaric” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamət günü kafirlərin başına gələcək ağrılı-acılı əzablardan danışılır.[2] 1-2. Əlinin (ə) imam olduğunu inkar edənin dərhal əzaba düçar olması: İmam Sadiq (ə) buyurmuşdur: “Allah rəsulu (s) Qədiri-Xum günü həzrət Əlini (ə) xəlifə təyin etdikdən və haqqında “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, – deyə buyurduqdan sonra bu xəbər bütün şəhərlərə yayıldı. Bir gün Nöman ibn Haris Fəhri adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: “Sən bizə Allahın təkliyinə və sənin də Onun elçisi olduğuna şahidlik etməyimizi göstəriş verdin, biz də şahidlik etdik. Sonra cihadı, orucu, namazı və zəkatı əmr etdin, biz də qəbul etdik. Ancaq bunlarla da kifayətlənməyib bu gənci (Əlini) özünə canişin təyin etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” dedin. İndi bu söz sənin sözündür, yoxsa Allahın?” Peyğəmbər (s) buyurdu: “And olsun Allaha ki, Ondan başqa heç bir məbud yoxdur! Bu, Allahın sözüdür. Nöman üzünü çevirib dedi: “İlahi, əgər bu söz Sənin tərəfindən nazil olmuş bir həqiqətdirsə, göydən bizim başımıza daş yağdır.” Elə bu vaxt onun başına göydən bir daş düşüb onu öldürdü. Sonra bu ayələr nazil oldu.”[3] Əlli min ilə bərabər gün: Yəni Qiyamət günü dünya illərinə uyğun əlli min il qədər davam edəcək. Əlbəttə, bu, günahkar, zalım və kafirlərə aiddir. Bir gün Peyğəmbərdən (s): “Həmin gün nə qədər çəkəcək?” – deyə soruşulduqda o həzrət (s) belə cavab vermişdir: “Mühəmmədin canı əlində olan Allaha and olsun! O gün möminlər üçün dünyada qılınan bir vacib namazdan asan olacaq.” Bu ayə Qiyamət gününün min il sürəcəyi qeyd edilən Səcdə surəsinin 5-ci ayəsi ilə ziddiyyət təşkil etmir. Çünki həmin ayədə Qiyamətin əlli dayanacağından birinə, burada isə bütün Qiyamət müddətinə işarə edilmişdir.[4] Hər kəs Qiyamətdə dünyada əməl etdiyi qədər qalacaq, bu dünyada Allahın əmrlərinə cani-dillə qucaq açan, böyük sevgi ilə onları qəbul edib yorulmadan və usanmadan çalışsa, Qiyamətin dayanacaqlarından böyük şadlıqla keçəcək. Allahın qanunlarını yerinə yetirməyə ərinən, onlardan imtina edən şəxs Qiyamətin dayanacaqlarından çətinliklə keçəcək və onun həmin keçidlərdən keçməsi çox uzun çəkəcək.[5] Onlar bir-birini göstərəcəklər. Elə olacaq ki, günahkar o günün əzabından qurtarmaq üçün qurban vermək istəyəcək – öz övladlarını, həyat yoldaşını və qardaşını, hər zaman onu himayə etmiş qəbiləsini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! (Bunlarla əsla xilas olmaq olmaz!) Bu odun yandırıcı şölələridir – başın dərisini sıyırıb çıxaran, əli, ayağı qoparıb aparan (bir od)! (O od) çağırır Allahın əmrinə arxa çevirəni və mal-dövlət yığıb saxlayanı. İnsan həris və kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda dözümsüzlük göstərir, bir xeyir nəsib olduqda isə xəsislik edir. Namaz qılanlar istisnadır. O kəslər ki, namazlarında davamlıdırlar. O kəslər ki, onların mallarında məlum bir haqq vardır- dilənən və kasıblar üçün. O kəslər ki, haqq-hesab gününə inanırlar. O kəslər ki, Rəblərinin əzabından qorxurlar. Çünki heç kəs Rəbbinin əzabından amanda deyil. O kəslər ki, tənasül üzvlərini qoruyurlar – zövcələri və sahib olduqları cariyələr istisnadır. (Buna görə) onlar əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O kəslər ki, əmanətlərinə və əhdlərinə sadiqdirlər. O kəslər ki, şahidliklərində mətindirlər. Bir də o kəslər ki, namazlarında diqqətlidirlər. Onlara Cənnət bağlarında hörmət göstəriləcək. Bu kafirlərə nə olub belə, Sənə doğru sürətlə gəlirlər – sağdan-soldan, dəstə-dəstə (və Cənnət arzusundadırlar)?! Onların hər birinin tamahında var ki, nemətlərlə dolu Cənnət bağlarına daxil edilsinlər? Əsla! Biz onları özləri bildikləri şeydən xəlq etmişik. ————————————————————————————— İnsan həris və kəmhövsələdir: Allah-taala insanda kamilləşmək, tərəqqi etmək, səadətə nail olmaq üçün vasitə olan və öz-özlüyündə pis olmayan xüsusiyyətlər, instinktlər və potensial qüvvələr yaratmışdır. Ancaq həmin qüvvələrdən sui-istifadələr edilərsə, yanlış yolda istifadə edilərsə, onlar bədbəxtliyə, şər və fəsada səbəb olarlar. Məsələn, hərislik insanın səy və fəaliyyətdən tez əl çəkməsinə, hər hansı nemətə nail olduqdan sonra doymasına imkan vermir. Bu, insanın varlığına hakim kəsilmiş bir yandırıcı susuzluqdur. Əgər bu xüsusiyyət elm, bilik, mənəvi kamilliklərin əldə edilməsinə sərf edilərsə, şübhəsiz ki, onun inkişafına səbəb olar, yox, əgər sərvət, şəhvət, ehtiras və bu kimi yollara sərf edilərsə, şər və bədbəxtliyə səbəb olar.[6] Namaza diqqət özünü islah etmiş insanların ən üstün xüsusiyyətidir: Namaz özünü islah etmiş insanların ən başlıca xüsusiyyətidir ki, onun vasitəsilə Allahla olan əlaqələrini qoruyub saxlayır, qəflət, təkəbbür, ehtiras, Şeytan və nəfsi istəklər əsarətindən qorunurlar. “Namazlarında davamlıdırlar” deyilərkən hər zaman namaz halında olmaq nəzərdə tutulur. Burada namazları vaxtı-vaxtında qılmaq da nəzərdə tutula bilər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Yəni nafilələri özlərinə vacib edib davamlı olaraq yerinə yetirirlər.” İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədə nafilə namazlarına, 34-cü ayədə isə vacib namazlara işarə edilmişdir.”[7] Hər halda Allah özünü islah etmiş insanların xüsusiyyətlərini sadalamağa onların namaza diqqətli olmasını qeyd etməklə başlayır. Məhz eyni xüsusiyyətlərlə də bu sıralamaya son verir. Bu da onu göstərir ki, sadalanan xüsusiyyətlər arasında namaza diqqət ən mühüm və ən üstün xüsusiyyətdir.[8] İffət: Quran iffət məsləsinə çox böyük əhəmiyyət verir. Hədislərdə də bu xüsusiyyət maraqlı ifadələrlə təsvir edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarın və iffətin qorunmasından üstün bir şeylə ibadət edilməmişdir.” Bu iki işin ən üstün ibadət adlandırılmasının səbəbi qarını haram tikədən və iffəti haram münasibətlərdən qorumaqdan çətin işin olmamasıdır. Bir nəfər İmam Baqirə (ə) deyir: Mən müstəhəb əməlləri yerinə yetirməkdə zəifəm və az oruc tuturam, amma çalışıram ki, yalnız halal yeyim və yalnız halal cinsi münasibətdə olum. İmam (ə) buyurur: “Qarın və iffətin qorunmasından böyük cihad varmı?!” Peyğəmbərin (s) bu məzmunda bir hədisi var. O həzrət (s) həmin hədisdə buyurur ki, mənim ümmətimi Cəhənnəmə daxil edən ən böyük şey qarın və iffəti qorumamaq olacaq. Hədislərinin birində Peyğəmbər (s) dil və iffətini qoruyan şəxsə Cənnəti zəmanət vermişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “… Camaatın qadınlarına qarşı iffətli olun ki, sizin də qadınlarınız iffətli olsunlar.” Hədislərdə iffətə xələl gətirən harama baxmaq, naməhrəmlə əl görüşmək və sair kimi ilkin addımlardan qorunmaq da göstəriş verilmişdir.[9]   And olsun gündoğanların və günbatanların Rəbbinə! Biz qadirik ki, onları daha yaxşıları ilə əvəz edək. Biz əsla məğlubiyyətə uğramayacağıq. Vəd verilmiş günə çatanadək onları özbaşına burax, qoy öz batillərinə qərq olub oynasınlar. O gün məbudlarına ibadətə can atırmışlar kimi qəbirlərdən çıxacaqlar. O gün utandıqlarından və qorxudan baxışları yerə dikiləcək, zillət, xarlıq və rüsvayçılıq pərdəsi ilə örtüləcəklər. Bu onlara vəd verilmiş həmin gündür. [1] Nümunə, c.24, səh.483 [2] Əl-Mizan, c.20, səh.5 [3] Nümunə, c.25, səh.7 [4] Nümunə, c.25, səh.16; Əl-Mizan, c.20, səh.8 [5] Mənşuri-cavid,c.9, səh.311 [6] Nümunə, c.25, səh.29; Əl-Mizan, c.20, səh.14 [7] Nümunə, c.25, səh.30 [8] Nümunə, c.25, səh.39 [9] Biharül-ənvar, c.68, səh.268

QURANI KƏRIM 19.02.2025

“Haqqə” surəsi

“Haqqə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! (Qiyamət günü) mütləq, gerçəkləşəcək bir gündür! Necə də gerçəkləşəcək bir gün! Sən nə bilirsən gerçəkləşəcək həmin gün nədir?! Səmud və Ad qövmləri Allahın əzici əzabını inkar etdilər (acı nəticəsini də gördülər.) Səmud qövmü qarşısıalınmaz bir əzabla məhv edildi. Ad qövmü isə hədsiz soyuq, şiddətli və qarşısıalınmaz bir küləklə həlak edildi. Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) həmin tayfanın o tufanın içində içiboş və çürümüş xurma ağacları kimi yerə düşüb həlak olduğunu görərdin. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi? ————————————————————————————– Nəzər varmı? İnsanların çoxu bəzi gözlərin xüsusi təsirə malik olduğuna, nəyəsə təəccüblə baxdıqda həmin şeyə xəsarət yetirəcəyinə və ya onu məhv edəcəyinə, insanı xəstə və ya dəli edəcəyinə inanır. Bu inanc əqli cəhətdən mümkünsüz bir şeydir. Bu gün alimlərin çoxu bəzi gözlərdə çox böyük təsir gücünə malik, hətta xüsusi təlim və məşqlər vasitəsilə daha da təkmilləşdirilə bilən maqnit qüvvəsinin olduğu qənaətindədirlər. Gözlərin maqnit gücü vasitəsilə qarşı tərəfi hipnoz etməsi mümkün haldır. Bu gözlər görünməz lazer şüalarının mövcud olduğu bir dünyada heç bir dağıdıcı silahın qadir olmadığını edə bilər. Qarşı tərəfə xüsusi dalğalar vasitəsilə təsir göstərən gözlərdə hər hansı bir gücün olması təəccüblü bir şey deyil. Bəzi şəxslərin gözlərinin bu cür sirli gücə malik olması, insanları, heyvanları və ya hər hansı əşyanı bir baxışla məhv etməsi faktını çoxlarının dilindən eşitmək olar. Deməli, bu reallığı inkar etməkdə israrlı olmaq əvəzinə onun elmi və əqli cəhətdən mümkün olduğunu qəbul etmək lazımdır. Hədislərdə bu fakt müxtəlif formalarda təsdiq edilmişdir. Bir gün Əsma bint Ümeys Peyğəmbərə (s) deyir: “Arada Cəfərin[1] uşaqlarına göz dəyir. Onlar üçün ruqyə[2] götürə bilərikmi?” Peyğəmbər (s) buyurur: “Bəli, heç bir eybi yoxdur. Əgər nə isə qəza-qədərin qarşısını ala bilsəydi, o, nəzər olardı.” İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində deyilir ki, Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün ruqyə götürərək bu duanı oxudu: “Sizi ölümün, ziyanverici heyvanların, bədnəzərin və paxıllıq edən hər bir paxılın şərindən Allahın gözəl sözləri və adlarına tapşırıram.” Sonra Peyğəmbər (s) bizə baxıb buyurdu: “Həzrət İbrahim də İsmail (ə) və İshaqın (ə) şərdən qorunması üçün bu cür dua edib.” Başqa bir hədisində İmam Əli (ə) belə buyurmuşdur: “Həm göz dəyməsi haqdır, həm də onu dəf etmək üçün duadan istifadə etmək”. Bir məsələni də qeyd etməliyik ki, ümumilikdə dualar bir çox dağıdıcı amillərin qarşısını alıb Allahın izni ilə onları zərərsizləşdirdiyi kimi bu duaların da Allahın əmri ilə gözlərin sirli maqnit gücünün təsirinin qarşısını alması mümkün bir işdir. Əlbəttə, nəzəri qəbul etmək heç də bu demək deyil ki, bu fakta əsaslanıb xurafatlarla məşğul olmağa, nəticədə, şəriətin göstərişlərinə zidd hərəkət etməyə, mövzunun əsl mahiyyətindən xəbəri olmayan insanlarda şəkk-şübhə yaratmağa icazə verilir. Ümumiyyətlə bir çox həqiqətlərin təhrifi və onlara xurafatların qarışdırılması zehnlərdə həmin həqiqətlərlə bağlı mənfi təsəvvürün yaranmasına səbəb olur.[3] “Haqqə” surəsinin ümumi məzmunu: Bu surəni üç mövzu üzrə ümumiləşdirmək olar: 1. Qiyamət və onun biz çox xüsusiyyətləri. 2. Keçmişdə yaşamış kafir qövmlər, xüsusilə Ad, Səmud və Firon qövmləri, Qiyaməti inkar edən bütün kafirlərin qorxudulması. 3. Quranın əzəməti, Peyğəmbərin (s) məqamı və onu yalançı sayanların cəzası.[4]   Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlərin sakinləri (Lut qövmü) də böyük günahlar işlətmişdilər. Onlar öz Rəblərinin elçisinə asi oldular, O (da) onları şiddətli bir əzaba düçar etdi. Su aşıb-daşdıqda Biz sizi gəmiyə mindirdik. Sizə bir xatırlatma olsun və dinləyən qulaqlar onu anlayıb dərk etsinlər deyə (belə etdik). Surun bircə dəfə üfürüləcəyi, yer və dağların qaldırılıb qəfildən bir-birinə çırpılaraq parça-parça olacağı zaman – həmin gün “böyük hadisə” qopacaq. Göy yarılacaq və həmin gün o, süstləşib yerə töküləcək. Mələklər isə onun ətrafında olacaq (və öz vəzifələrini yerinə yetirməyə hazırlaşacaq)lar. O gün sənin Rəbbinin ərşini onların hamısının üzərindən səkkiz (mələk) daşıyacaqdır. O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və heç bir işiniz gizli qalmayacaq. Əməl dəftəri sağ əlinə verilən (sevincindən) qışqırıb deyəcək: “Əməl dəftərimi alın oxuyun! Mən əmin idim ki, etdiklərimin hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir uca bir Cənnətdə, (elə bir Cənnətdə ki,) onun meyvələri əlçatan olacaqdır. (Onlara deyiləcək:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” Əməl dəftəri sol əlinə verilən kəs isə deyəcəkdir: “Kaş əməl dəftərimi mənə verməyəydilər! Hesabımdan da xəbərim olmayaydı! Kaş ölümüm yetişəydi! Var-dövlətim məni zəngin etmədi. Qüdrətim də məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, böyük Allaha iman gətirmirdi, və (heç kəsi) kasıbı yedirtməyə təşviq etmirdi. ————————————————————————————– Su aşıb-daşanda sizi gəmiyə mindirdik: Bu ayədə Nuh qövmünün aqibəti və onlara göndərilən ağrılı-acılı əzabdan bəhs edilir. Həmin vaxt qara buludlar göy üzünü örtmüş, sonra göydən sel yağırmış kimi yağış yağmağa başlamışdı. Yerdəki bulaqlar da aşıb-daşmağa başlamışdı. Hər ikisi birləşərək qarşılarına çıxanı altına almış, yalnız Nuha iman gətirənlər xilas olmuş və onunla birlikdə gəmiyə minmişdilər. “Sizi mindirdik” ifadəsi ilə bizim ata-babalarımıza işarə edilmişdir. Çünki onlar xilas olmasaydılar, biz də əsla olmazdıq.[5] Dinləyən və eşidən qulaqlar: Bəzən elə olur ki, insan bir sözü eşidib onu tez də unudur. Adi danışıq dilimizdə də “bir qulağından alıb digər qulağından verdi” ifadəsi işlədirik. Bəzən isə eşitdiyimiz haqqında düşünür, onu qəlbimizə hopdurur, həyat yoluna çıraq edirik. Deyilənə görə bu ayə nazil olduqdan sonra İslam peyğəmbəri (s) buyurmuşdur: “Rəbbimdən istədim ki, onu (eşidən qulaqları) Əlinin qulaqları etsin.” Ondan sonra İmam Əli (ə) buyurmuşdur: “Mən ondan sonra Allah rəsulundan (s) nə eşitdimsə, hamısı yaddaşıma həkk oldu, heç zaman da unutmadım.” Bu, Peyğəmbərin (s) sirlərinin sirdaşı və bütün elmlərinin varisi olan o böyük öndər üçün çox böyük bir hədiyyə olmuşdur. Buna görə də Peyğəmbərdən (s) sonra İslam cəmiyyəti elmi məsələlərdə hansı problemlə qarşılaşsaydı, müxalif və tərəfdar olmasından asılı olmayaraq, ona müraciət edər, probleminin həllini ondan soruşardı. Bu barədə mənbələrdə çox faktlara rast gəlmək olar.[6] Ərş və onun səkkiz daşıyıcısı: Ayədə bu daşıyıcıların mələklər olacağı açıq şəkildə qeyd edilməmişdir. Ancaq kontekstdən onların mələklər olduğu məlum olur. Habelə həmin səkkiz daşıyıcının səkkiz mələk, yoxsa səkkiz böyük və ya kiçik mələklər qrupu olduğu da dəqiq göstərilmir. Hədislərdə indi həmin daşıyıcıların dörd mələk (və ya mələklər qrupu) olduğu, Qiyamətdə isə onların sayının səkkizə çatacağı buyurulmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İndi onlar dörd nəfərdir, Qiyamət günü isə onlar dörd digər mələklə gücləndiriləcək və sayları səkkiz nəfər olacaq.” Görəsən “ərş” nədir? Bu mələklər kimlərdir? Əslində “ərş” heç də fiziki mənada başa düşülən “səltənət taxtı” deyil, bütün varlıq aləmidir. “Ərş” Allahın hökumətidir və o, Allahın əmrlərini icra edən mələklər tərəfindən idarə olunur. Belə bir ehtimal da var ki, Allahın bu idarəediciləri mələklərdən daha üstün varlıqlardır. Belə ki, hədislərdə də qeyd edilmişdir ki, Qiyamət günü Allahın ərşini daşıyanlar əvvəllərdən olan dörd nəfər və axırdan olan dörd nəfərdir. Əvvəllərdən olan dörd nəfər Nuh, İbrahim, Musa və İsa əleyhimis-salamlar, axırdan olan dörd nəfər isə Muhəmməd, Əli, Həsən və Hüseyn əleyhis-salamlardır. Şübhəsiz ki, Qiyamət gününə aid olan hadisələr bu məhdud və qaranlıq dünyanın sakinləri olan bizlər üçün dəqiq və aydın olmadığı üçün ərşin daşıyıcıları ilə bağlı məsələ də dəqiq məlum deyil. Qeyd etdiklərimiz Allahın ayələrinin işığında yürütdüyümüz xəyaldır. Onların həqiqətini həmin vaxt görəcəyik.[7]   Buna görə də bu gün burada onun mehriban dostu yoxdur. Qan və irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. And olsun həm gördüklərinizə, həm də görmədiklərinizə! Bu, Quran möhtərəm bir elçinin sözüdür. O, şair sözü deyildir! Amma az inanırsınız! O, kahin sözü də deyildir! Hərçənd ki, az diqqət yetirib xatırlayırsınız! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Əgər o, bir sözü özündən uydurub Bizə aid etsəydi, Biz onu Öz qüdrətimizlə yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs də buna mane ola bilməzdi. Bu, əlbəttə, müttəqilər üçün bir xatırlatmadır. Bəzilərinizin onu yalan saydığını da bilirik! Bu, kafirlər üçün bir peşmançılıq səbəbidir. Bu, əsl həqiqətdir. Elə isə böyük Rəbbinin adına təriflər de! [1] Cəfər onun əri olub. [2] Nəzər üçün yazılıb üstdən asılan dua. [3] Nümunə, c.24, səh.426 [4] Nümunə, c.24, səh.433 [5] Nümunə, c.24, səh.443 [6] Nümunə, c.24, səh.444 [7] Nümunə, c.24, səh.451

QURANI KƏRIM 19.02.2025

“Qələm” surəsi

“Qələm” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Nun. And olsun qələmə və yazdıqlarına! Məhz Rəbbinin neməti sayəsində sən dəli deyilsən. Sənin üçün böyük və tükənməz mükafat hazırlanmışdır. Sən böyük və yüksək əxlaq sahibisən! Tezliklə sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. Rəbbin Onun yolundan azanları və haqq yolda olanları hər kəsdən yaxşı bilir. Elə isə yalan sayanlara itaət göstərmə. Onlar sənin güzəştə getməyini, qarşılığında özlərinin də güzəştə getmələrini istəyirlər. İtaət etmə tez-tez and içənə, alçağa, eyib axtarana, söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, kin saxlayana, çox yeyənə, kobud və bədnama! Məbada çoxlu var-dövlət və oğul-uşaq sahibi olduğu üçün (ona itaət göstərəsən). Ayələrimiz ona oxunduğu zaman: “Bunlar keçmişdəkilərin uydurduğu əfsanələrdir!” –deyər. ———————————————————————————— Axar suyu sizin ixtiyarınıza kim verir? Birilik ki, torpaq iki əsas təbəqədən ibarətdir: suyu özünə hopduran yumşaq təbəqə və sərt təbəqə. Su sərt təbəqənin altında toplanır. Bütün bulaqlar, quyular, kəhrizlər, bu iki təbəqə sayəsində meydana gəlir. Əgər yer üzü dərinliklərinə qədər tamamilə yumşaq və sukeçirən olsaydı, su tamamilə hopub yerə sovrular və onu əldə etmək qeyri-mümkün olardı. Əgər yer üzü tamamilə sərt olsaydı, su ya yerin üzərində durar və yer üzü başdan-başa bataqlığa çevrilərdi, ya da axıb dənizlərə tökülər və nəticədə bütün yeraltı su ehtiyatları əldən çıxardı. Bu, Allahın bütün mövcudata bəxş etdiyi rəhmətinin kiçik bir nümunəsidir. İnsanın ölümü və həyatı bu nemətdən çox-çox asılıdır. Əhli-beytin (ə) hədislərində bu ayədə İmam Mehdinin (ə) zühuruna və onun bütün dünyanı ədalətlə dolduracağına işarə edildiyi qeyd edilmişdir. İmam Baqir (ə) hədislərinin birincə sözü gedən ayənin təfsiri ilə bağlı belə buyurmuşdur: “Bu ayə Allahın ədaləti ilə qiyam edəcək bir imam haqqında nazil olub. O, deyəcək: “Əgər sizin imamınız qeybə çəkilsə, siz onun yerini bilməzsiniz, sizə göydən və yerdən məlumat verən, halal və haramı izah edən imamı kim göndərər?” O həzrət (ə) daha sonra buyurmuşdur: “And olsun Allaha! Bu ayənin yozumu hələ nazil olmayıb, nəhayət gələcək.” Bu məzmunda hədislər çoxdur. Əlbəttə, onların hamısının tətbiq nümunəsi olduğunu unutmamalıyıq. Başqa sözlə desək, bu ayənin zahiri məzmunu mövcudatın həyat mənbəyi olan axar suya, batini isə insan cəmiyyətinin həyat mənbəyi olan imama, onun elminə və cahanşümul ədalətinə aiddir.[1] “Qaləm” surəsinin ümumi məzmunu: Bu surədə Allah-taala Peyğəmbərə (s) onu dəli adlandıran müşriklərin təhqirinə cavab olaraq təsəlli verir, onu böyük əxlaq sahibi olması və aqibətinin xeyirli olacağı ilə müjdələyir. Həmçinin təkidlə Peyğəmbəri (s) müşriklərlə razılığa gəlməkdən və onlara tabe olmaqdan çıkindirir və o həzrətə (s) missiyasının çətinliklərinə dözmək və Allahın fərmanını gözləmək göstərişi verir.[2] Peyğəmbər yüksək əxlaq sahibidir: Peyğəmbərlik missiyasını yerinə yetirərkən Peyğəmbərin (s) uğur qazanmasına səbəb olan ən mühüm amillərdən biri onun əxlaqı olmuşdur. Peyğəmbərin (s) malik olduğu yüksək əxlaqi keyfiyyətlər və ali insani dəyərlər o həzrətin (s) dostlarını heyran edir, hətta ən qatı düşmənlərini də təsir altına salır, ona təslim olmağa məcbur edirdi. Əgər bunu Peyğəmbərin (s) əxlaq möcüzəsi adlandırsaq, yanılmarıq. Peyğəmbərin (s) gözəl əxlaqı, mehribanlığı, fədakarlığı, təqvası haqqında çox əhvalat və xatirələr nəql edilmişdir. İmam Hüseyn (ə) hədislərinin birində belə buyurur: “Bir gün atam Əmirəl-möminindən (ə) Peyğəmbərin (s) xüsusiyyətləri və əxlaqı haqqında soruşdum, o da mənə geniş cavab verdi. İmamın cavabının bir hissəsində belə deyilir: “Peyğəmbər yoldaşlarına qarşı daim gülərüz, təbəssümlü və mülayim olub, əsla kobud, daşürəkli, sərt, acıdıl, eyib axtaran və yaltaq olmayıb. Heç kəsi naümid etməzdi və onun qapısına gedən heç kəs oradan məyus geri dönməzdi. Özünü üç xislətdən xilas etmişdi: söz savaşına çıxmaz, çox danışmaz, ona aid olmayan işə müdaxilə etməzdi. Üç davranışı özünə yaxın buraxmazdı: insanları məzəmmət etməz, danlamaz, camaatın gizli eyib və xətalarının üstünü açmazdı, yalnız Allahdan savab yazılacağına ümidi olduğu mövzulardan danışardı… Qərib və nadan adam kobud danışıb nə isə istəsəydi, dözümlülük göstərib yoldaşlarına buyurardı: “Kimin bir ehtiyacı olduğunu görsəniz, verin”. https://nimfo.net Heç kəsin sözünü kəsməzdi, sözünün sona yetməsini gözləyərdi.”[3]   Biz tezliklə onun burnuna rüsvayçılıq damğası vuracağıq. Biz “bağ sahiblərini” sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) and içmişdilər ki, səhər tezdən meyvələri (ehtiyaclı insanların xəbəri olmadan) yığacaqlar və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı onların bağını bürüdü. O yamyaşıl bağ zülmət gecə kimi (qapqara) oldu. Səhər bir-birini çağırdılar: “Əgər meyvələri yığacaqsınızsa, bağınıza erkən gedin!” Onlar yollandılar, (yol boyu da) bir-birinə (belə) pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” Onlar səhər tezdən qərara gəlmişdilər ki, var gücləri ilə yoxsullara mane olsunlar. Onu (bağı) görəndə isə dedilər: “Həqiqətən biz azmışıq! (Bəli, hər şey əlimizdən çıxıb.) Əslində, bizik məhrumlar!” Onların ən ağıllısı dedi: “Məgər mən sizə demədimmi, nə üçün Allaha təriflər söyləmirsiniz?” Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!” Sonra dönüb bir-birini qınamağa başladılar (və) dedilər: “Vay halımıza! Biz həddi aşmışıq! Ümidvarıq ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Çünki biz Rəbbimizi sevirik”. (Dünyadakı) əzab belədir. Axirət əzabı isə ondan da böyükdür! Kaş biləydilər! Müttəqilər üçün Rəblərinin dərgahında nemət dolu Cənnət bağları var. Biz heç möminləri günahkarlara tay tutarıqmı?! Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin elə bir kitabınız vardır ki, ondan oxuyursunuz?! Seçdiyiniz hər bir şeyin sizin olduğu(nu ondanmı oxuyursunuz)?! Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, hökm etdiyiniz hər şey sizin olacaqdır?! Onlardan soruş gör, hansı buna zəmanət verir?! Yoxsa onların Allaha şərik qoşduqları məbudları vardır (və onlar üçün şəfaətçi olacaq)?! Əgər doğru danışırlarsa, onda məbudlarını gətirsinlər. Bir gün (dəhşətdən) baldırlar çılpaqlaşacaq və onlar səcdəyə çağırılacaqlar, lakin bacarmayacaqlar (səcdə etməyə qüdrətləri çatmayacaq). —————————————————————————————— 17-33. İnhisarçılıq hissi varlıların ən böyük bəlasıdır: İnsanın istər-istəməz dünya malına sevgisi olur. Yaşayış dünya malı ilə təmin olunduğu üçün ona qarşı normal rəğbət məzəmmət edilmir. Mühüm məsələlərdən biri insanın öz malından ehtiyacı olan insanlara pay ayırması və Allahın vacib hüquqlarını ödəməkdən əlavə müstəhəb sədəqələr də verməsidir. Quran (Ənam-141) və hədislərdə bağ və əkin sahiblərinin məhsul yığımı zamanı ehtiyaclılara da pay ayırması xüsusi vurğulanmışdır. Var-dövlətə sevgi ifrat həddə olduqda inhisarçılıq hissi güclənir, insan həmin hissdən həzz almağa başlayır. Bu, müasir cəmiyyətlərdə də çox rəst gəlinən böyük bəlalardandır. Hətta onu təhlükəli xəstəlik növü də hesab etmək olar. Bu ayədə işlədilən “bağ sahibləri”nin simasında əl-ələ verib kasıbların məhrum edilməsi üçün plan cızan, onlar görmədən məhsul götürməyə və ondan geniş şəkildə istifadə etmək istəyən varlıların inhisarçılıq ruhiyyəsi aydın şəkildə təsvir edilmişdir. Çox vaxt məhrum edilmiş kasıbların ah-naləsi yandırıcı ildırıma çevrilib inhisarçı varlıların həyat xırmanına od vurur, çox vaxt bu ildırımlar inqilablar formasında təzahür edir, varlılar inanmadıqlarını öz gözləri ilə əyani şəkildə görürlər, fəryadları göyə ucalır, keçmiş günah və səhvlərindən peşiman olmaqdan, tövbə etməkdən dəm vurmağa başlayırlar. Bu ayədə həm də belə məlum olur ki, günahla ruzinin kəsilməsi arasında yaxın əlaqə var. İmam Baqir (ə) belə buyurmuşdur: “Bəzən insan günah edir, nəticədə, ruzisi kəsilir.” Bu cümlədən sonra İmam  (ə) bu surənin 17-19-cu ayələrini oxumuşdur.[4] İbn Abbasa deyirlər: “Bəziləri səhvən belə düşünürlər ki, insanın etdiyi günah onun ruzidən məhrum olmasına səbəb olur”. İbn Abbas deyir: “And olsun özündən başqa tanrı olmayan Allaha! Bu məsələ Quranda parlaq günəşdən də aydın təsvir edilib. Allah “Qaləm” surəsində ondan bəhs edir.” Sonra o, bağ sahiblərinin əhvalatını nəql edir.[5] Səcdəyə dəvət ediləcəkləri, ancaq bunu bacarmayacaqları gün: Bir qrup təfsirçi “Baldırlar çılpaqlaşacaq” cümləsi ilə vəhşət, qorxu, dəhşət hissinə eyham vurulduğunu qeyd etmişdir. Adətən, ərəblər çətin bir işlə qarşılaşdıqda ətəklərini bellərinə bağlayır, nəticədə, baldırları açıq qalır. Ayədə sonra buyurulur ki, həmin gün insanlar Allah qarşısında səcdə edib təvazökarlıq göstərməyə dəvət edildikdə möminlər səcdə edəcək, münafiqlər isə varlıqlarını bürümüş dəhşət və qorxudan səcdə etməyi unudacaq, Allah qarşısında səcdə edə bilməyəcəklər. Burada ortaya belə bir sual çıxır: Əgər Qiyamət günü vəzifə və mükəlləfiyyət yeri deyilsə, bəs nə üçün hər kəs səcdə etməyə çağırılacaq? İmam Rza (ə) belə buyurmuşdur: “Qiyamətdə Allahın nuru üzərindən bir pərdə götürüləcək, möminlər onun əzəmətindən səcdəyə qapanacaq, münafiqlər isə belləri quruduğu üçün səcdə edə bilməyəcəklər.” Başqa sözlə desək, həmin gün Allahın əzəməti aşkar olacaq və bu əzəmət möminləri səcdə etməyə çağıracaq, onlar da səcdəyə qapanacaqlar, ancaq münafiqlər həmin səadətdən məhrum olacaqlar.[6]   Bu, (xəcalətin çoxluğundan) gözləri yerə dikilmiş və vücudlarını zillət və xarlıq bürümüş halda baş verəcək. Halbuki onlar daha əvvəl sağ-salamat olduqları halda, səcdə etməyə dəvət olunurdular. (Lakin bu gün artıq onların səcdə etmək qüdrətləri yoxdur.) İndi bu sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba doğru aparacağıq. Mən onlara (qayıtmaq üçün) möhlət verirəm. Çünki Mənim tədbirlərim çox güclü və dəqiqdir. Yoxsa sən onlardan ödəməyə çətinlik çəkdikləri bir haqq istəyirsən?! Yoxsa qeybin sirləri onların əlindədir və onlar da onu yazırlar?! İndi ki, belədir, sən öz Rəbbinin fərmanını gözlə və balıq sahibi (Yunis) kimi olma! O zaman o, son dərəcə qəm-qüssə içində Rəbbini çağırmışdı. Əgər Rəbbinin mərhəməti dadına yetməsəydi, o, (balığın qarnından) qınanmış halda çölə atılacaqdı. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi. Kafirlər Quranı eşitdikləri zaman öz baxışları ilə az qalır səni məhv etsinlər. Onlar deyirlər: “O, dəlidir!” Halbuki bu (Quran), aləmlər üçün ayıldıcı vasitədən başqa bir şey deyildir.   [1] Nümunə, c.24, səh.358 [2] Əl-Mizan, c.19, səh.383 [3] Nümunə, c.24, səh.377 [4] Nümunə, c.29, səh.404 [5] Əl-Mizan, c.19, səh.393 [6] Nümunə, c.24, səh.413

QURANI KƏRIM 18.02.2025

“Mulk” surəsi

“Mulk” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Varlıq aləminin hökmranlığı əlində olan (şəxs) bərəkətli və tükənməzdir. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməzdir, bağışlayandır. Yeddi göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan Odur. Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən. Yenə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra təkrar bax. Nəhayət, gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcəkdir. Biz aşağı (yaxın) olan göyü parlayan çıraqlarla bəzədik və onları şeytanlara atılan atəşlər etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq. Rəblərinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir! Onlar oraya atılanda onun qaynayan halda çıxardığı dəhşətli səsi eşidəcəklər. Qəzəbindən az qala parçalanacaq. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə qorxudan (bir peyğəmbər) gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq Cəhənnəm sakinlərinin arasında olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm sakinləri Allahın rəhmətindən uzaq olsunlar! Öz Rəblərindən (Onu) görmədən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. ———————————————————————————– “Mülk” surəsinin ümumi məzmunu: Bu surə üç hissədən ibarətdir: 1. Yaradılışın başlanğıcı, Allahın sifətləri və yaranışın heyrətamiz sistemindən bəhs edən ayələr. 2. Məad və Cəhənnəm əzabından bəhs edən ayələr. 3. Kafir və zalımların dünya və axirətin müxtəlif əzabları ilə təhdid edilməsi.[1] Ölüm və həyat sınaq vasitəsidir: Ölüm yox olmaq və puça çıxmaq olsaydı, onun haqqında yaradılmaq ifadəsi işlənməzdi. Çünki yaratmaq ifadəsi mövcudluğu, varlığı olan hadisələr haqqında işlədilir. Ölüm əslində, bir dünyadan başqa bir dünyaya keçiddir, bu cəhətdən də şübhəsiz ki, yaradılmış bir hadisədir. Ayədə “ölüm” sözünün “həyat” sözündən əvvəl işlədilməsi ona diqqət yetirilməsinin insanların yaxşı əməl etməsinə daha böyük təsir göstərməsi ilə bağlıdır. İlahi sınaq isə bir növ tərbiyə səciyyəsi daşıyır. Belə ki, ilahi sınaq insanları püxtələşmək, paklanmaq və Allah dərgahına yaxınlaşmaq ləyaqəti əldə etmək üçün əməl meydanına daxil olmağa sövq edir. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, burada əməlin çoxluğu deyil, məhz yaxşı olması sınağın məqsədi kimi göstərilmişdir. Bu da ona görədir ki, İslam kəmiyyətə deyil, keyfiyyətə əhəmiyyət verir. Əməl nə qədər az olsa da, onun Allah üçün xalis olması önəmli şərtdir. Peyğəmbər (s) belə buyurmuşdur: “Məqsəd müstəhəb əməlləri az yerinə yetirsə belə sizin hansınızın ağlının daha kamil olmasını, Allahdan daha çox qorxmasını və Allahın əmr və qadağalarından daha çox xəbərdar olmasını yoxlamaqdır.” Təbii ki, kamil ağıl əməli təmizləyir, niyyəti xalis edir, mükafatı artırır.[2] 3-4. Varlıq aləmi qüsursuzdur: Bu ayədən iki nəticə əldə etmək olar: Quran haqq yolunun bütün yolçularından istəyir ki, imkanları çatdığı qədər varlıq aləminin sirləri və bu dünyanın qəribəlikləri haqqında dərindən düşünüb diqqətlə araşdırma aparsınlar. O qədər sirlər var ki, ilk baxışda diqqət cəlb etmir, onları görə bilmək üçün dəfələrlə baxmaq, baxışı itiləşdirmək lazımdır. Digər tərəfdən, insan bu nizam-intizama nə qədər diqqətlə nəzər salsa, onun nizam-intizamını, bir-birindən asılılığını daha yaxşı dərk edər. Bu zəncirvari sistem onu yaradanın və onu idarə edən elmli və qüdrətli idarəedicinin varlığının bir sübutudr.[3] Bu ayənin mənası çox genişdir və o, Allahın yaratdıqlarının istənilən qüsur, nöqsan, nizamsızlıq, ziddiyyət, əyrilik, zəiflikdən uzaq olduğunu göstərir.[4] Eşidən qulaq və ayıq düşüncə sahibləri Cəhənnəmdə olmazlar: Bu ayədə Allah Cəhənnəm sakinlərinin dəhşətli aqibətindən danışarkən onların bədbəxtliklərinin əsas səbəbini də qeyd edərək buyurur: Allah insanlara həm eşidən qulaq, ağıl və düşüncə verib, həm də açıq dəlillərlə peyğəmbərlər göndərib. Əgər bu ikisi birləşdirilsə insan səadətə qovuşar. Ancaq insan ona verilən qulaq vasitəsilə dinləməsə, gözləri ilə baxmasa, ağlı ilə düşünməsə, Allahın peyğəmbərlərinin və kitablarının heç bir təsiri olmaz. İmam Əli (ə) belə buyurmuşdur: “Cəbrail Adəmə (ə) nazil olub buyurdu: “Mən sənə bu üç nemətdən birini seçmək hüququ verirəm. Birini seçib digər ikisini tərk edəcəksən.” Adəm (ə) onların nələr olduğunu soruşduqda Cəbrail buyurdu: “Ağıl, həya və din.” Adəm dedi “Mən ağılı seçirəm”. Cəbrail həya və dinə: “Onu tərk edin”, – deyə göstəriş verdi. Onlar isə: “Bizə hər yerdə ağılla birlikdə olmaq, ondan ayrılmamaq əmri verilmişdir”, – deyə cavab verdilər. Cəbrail dedi: “İndi ki, belədir, əmrə əməl edin”. Sonra səmaya qalxdı.” Bu, ağıl və düşüncə və onun həya və din ilə münasibətinin çox incə təsviridir. Əgər ağıl dindən ayrı düşsə, havaya sovrular, təhrifə uğrayar. İnsanın günah etməsinə mane olan həya hissi də ağıl və düşüncənin nəticə və səmərələrindəndir.[5] Sözünüzü gizli saxlasanız da, onu aşkara çıxarsanız da,  (fərqi yoxdur,) O, kökslərdə olanı bilir. Yaradan agah və xəbərdar olduğu halda, ola bilərmi ki, (gizlində və aşkarda olanları) bilməsin? Yeri sizə ram edən Odur. Onun səthində gəzin və ruzilərindən yeyin. Hamının qayıdışı Onadır. Səmanın hakiminin əzabından, yerə ayrılıb sizi udmaq və titrəməsinə davam etmək əmri verməyəcəyindən əminsinizmi? Yoxsa səmanın Allahının çınqıl daşlarla dolu qasırğanı üzərinizə göndərməyəcəyinə əminsiniz? Siz tezliklə mənim təhdidlərimin hansı nəticələr verdiyini biləcəksiniz. Onlardan əvvəlkilər də bunları yalan hesab etmişdilər. (Gör) Mənim əzabım necə oldu! Məgər onlar başları üzərində qanadlarını gah açan, gah da yığan quşlara baxmırlar? Onları səmada yalnız rəhman olan Allah saxlayır. Çünki O, hər şeyi görür. Yoxsa qoşununuz olan adam sizə Allah qarşısında yardım edə biləcək? Kafirlər ancaq aldanmaqdadırlar! Ya da O, ruzisini kəssə, sizə kim ruzi verəcək? Lakin onlar təkəbbür göstərməkdə və həqiqətdən qaçmaqda israr edirlər. Üzü üstə düşüb sürünən adam hidayətə daha yaxındır, yoxsa düz yolda dimdik addımlayan şəxs? De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Ancaq az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu Qiyamət vədi nə vaxt olacaq?” De: “Bunu yalnız Allah bilir. Mən isə yalnız aşkar qorxudanam!” —————————————————————————————– 15. Yer insana ram edilmişdir: “Zəlul” (ram edilmiş) sözü yer haqqında işlədilmiş ən əhatəli ifadədir. Çünki böyük sürətlə hərəkət edən bu “iti minik” elə sakit görünür ki, sanki heç tərpənmir. Yerin dörd hərəkət formasına malik olduğu qeyd edilir. Bu hərəkətlərdən üçü onun öz oxu ətrafına fırlanması, günəşin ətrafına fırlanması və günəş sistemi ilə birlikdə qalaktika daxilində hərəkətinə aiddir. Bu hərəkətlərində həddən artıq yüksək sürətə malik olmasına baxmayaraq, yer elə rahat və mülayimdir ki, əgər onun hərəkət etməsi ilə bağlı qəti dəlillər olmasaydı, bu fakta heç kəs inanmazdı. Digər tərəfdən, Yer nə həyat üçün əlverişsiz olacaq dərəcədə sərtdir, nə də üzərində olanları batıracaq qədər yumşaq. O, həyat üçün tam əlverişli şəraitə malikdir. Fərz edin, əgər yer üzü tamamilə hər şeyi dərinliyə dartan bataqlıq, insanın dizə qədər batdığı yumşaq qum, ya iti və sərt daşlardan ibarət olsaydı, onun sakit və rahatlıq mənbəyi olmadığı o zaman bilinərdi. Digər tərəfdən onun Günəşlə olan məsafəsi istinin onu yandıracağı qədər yaxın, hər bir şeyin donacağı qədər uzaq deyil. Yer kürəsində hava təzyiqi insanın bütün rahatlığını təmin edəcək dərəcədədir. Yerin cazibəsi insanın sümüklərini sındıracaq qədər yüksək, səmaya tullayacaq qədər aşağı deyil. Xülasə, o, bütün cəhətlərdən insana ram edilmişdir. Çox maraqlıdır ki, Allah yerin ram edilən olduğunu qeyd etdikdən sonra insana onun “çiyin”ləri üzərində yeriməyi əmr edir. Yer o qədər sakit və rahatdır ki, insan onun “çiyin”ləri üzərində gəzə və tarazlığını saxlaya bilir.[6] Quşlar qəribə varlıqlardır: Bu ayədə Allahın başqa bir nişanəsinə, yəni quşlar və onların heyrətamiz uçuşuna işarə edilir. Bu ağır cisimlər cazibə qanununun əksinə olaraq yerdən qalxır, göydə asanlıqla uçur, saatlarla, bəzən həftələrlə, aylarla öz hərəkətlərinə davam edir, gah aram-aram, gah da sürətlə yollarına davam edirlər. Bəziləri uçarkən qanadlarını açır, bəziləri isə sürəkli qanad çalır. Dördüncü qrup isə bir müddət qanad çalır, sürət yığmaq üçün isə qanadlarını tamamilə yığır və hava “okean”ında irəli şığıyır. Quşların hamısı uçsa da, onların hər birinin özünəməxsus proqramı var.[7] Tövhid yolunun ayaq üstə dimdik gəzən yolçuları: Bu ayədə kafir və möminlərin vəziyyəti maraqlı bir misalla təsvir edilmişdir. İmansız, inadkar və təkəbbürlü zalımlar hamar olmayan, əyri-üyrü, enişli-yoxuşlu yerdə üzü üstə yerə düşmüş, əlləri və ya sinəsi ilə hərəkət edən, yolu doğru-düzgün görmədən və özünü idarə edə bilmədən, maneələrdən xəbərsiz, çox ləng irəliləyən, gah gedib, gah da duraraq sürünən adama bənzədilmişdir. Mömin isə hamar, təmiz və düz yolda sürətlə, qətiyyətlə, tam məlumatlı şəkildə irəliləyən adama bənzədilmişdir. İmansız insanlar xudbin, eqoist və inadkar olduqları, yalnız öz maddi və keçici mənfəətlərini düşündükləri və nəfsi istəklər yolu ilə getdikləri üçün daşlıqda sinəsi üstə əl-qol atıb sürünən adama bənzəyirlər. İmanları sayəsində nəfslərinin istəklər buxovundan azad olan şəxslər dərin baxışa malikdirlər və onların yolları düz və hamardır.[8] Bəzi hədislərdə İmam Əlinin (ə) imam olduğunu inkar edənlər birinci qrupun mənsublarından hesab edilmişdir.[9] Kafirlər onu (Allahın vədini) yaxından gördükdə üzləri qaralacaq, çirkin görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz bax budur!” – deyiləcəkdir. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, kafirlərə ağrılı-acılı əzabdan kim sığınacaq verəcək?” De: “O, rəhman olan Allahdır! Biz Ona iman gətirmiş, Ona təvəkkül etmişik. Tezliklə kimin aşkar azğınlıq içində olduğunu biləcəksiniz.” De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çəkilsə, kim sizə axar və dadlı su gətirə bilər?” [1] Nümunə, c.24, səh.311 [2] Nümunə, c.24, səh.316 [3] Nümunə, c.24, səh.321 [4] Pəyame-Quran, c.3, səh.173 [5] Nümunə, c.24, səh.328 [6] Nümunə, c.24, səh.337 [7] Nümunə, c.24, səh.343 [8] Nümunə, c.24, səh.349 [9] Əl-Mizan, c.19, səh.378

QURANI KƏRIM 17.02.2025

“Təhrim” surəsi

“Təhrim” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir. Allah (bu cür hallarda) andlarınızdan xilas olmağın yolunu sizə aydınlaşdırmışdır. Allah sizin rəhbərinizdir. O, biləndir, müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə bir sirr verdi. Ancaq o, həmin sirri yaydıqda Allah Peyğəmbərinə bunu xəbər verdi. O da bunun bir qismini zövcəsinə bildirib digər qismini saxladı. Peyğəmbər bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O buyurdu: “Bilən və xəbərdar olan Allah xəbər verdi!” (Ey Peyğəmbərin iki zövcəsi,) əgər Allaha tövbə etsəniz, (sizin xeyrinizə olar, çünki) hər ikinizin qəlbi haqdan sapmışdır. Əgər Ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki, heç nə edə bilməzsiniz). Çünki Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçılarıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, hicrət edən dul qadınlar və bakirə qızlar verə bilər. Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Ona Allahın verdiyi əmrlərə (heç vaxt) asi olmayan (əmrindən əsla çıxmayan), buyurulanları yerinə yetirən amansız və güclü mələklər nəzarət edir. Ey kafir olanlar! Bu gün üzr diləməyin. Çünki ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz! ———————————————————————————— “Təhrim” surəsinin ümumi məzmunu: Bu surə dörd hissədən ibarətdir: 1. Peyğəmbərin (s) bəzi həyat yoldaşlarının ona qarşı kələk qurması. 2. Bütün möminlərə ailənin təlim-tərbiyəsinə diqqət yetirmək və günahlardan tövbə etmək göstərişinin verilməsi. 3. Kafir və münafiqlərə qarşı cihad. 4. Möminlər üçün iki əməlisaleh olan və iki əməlisaleh olmayan qadının misal çəkilməsi.[1] 1-5. Ayələrin nazilolma səbəbi: Sünni və şiə məzhəbinin təfsir, hədis və tarix kitablarında bu ayələrin nazilolma səbəbləri ilə bağlı çoxlu sayda hədis və rəvayət yer almışdır. Onların arasında ən məşhur və münasib olanı budur: Peyğəmbər (s) bəzən həyat yoldaşlarından olan Cəhşin qızı Zeynəbin yanına gedərkən Zeynəb ona bal yedizdirərmiş. Bu xəbər Aişəyə çatanda çox narahat olur. Aişə xanım Peyğəmbərin (s) digər xanımı Həfsə ilə belə qərara gəlirlər ki, Peyğəmbər (s) onların yanına hər dəfə gəldikdə dərhal ondan “sən məğafir şirəsi yemisən?”[2] – deyə soruşsunlar[3]. Çünki Peyğəmbər (s) ağzından və ya paltarından xoşagəlməz qoxu gəlməməsi üçün çox çalışar, əksinə, xoş ətir qoxusu verməyə səy göstərərmiş. Bir gün də Peyğəmbər (s) Həfsənin yanında olarkən o, adəti üzrə bu sözü yenə də deyir. Peyğəmbər (s): “Mən məğafir yeməmişəm, Cəhşin qızı Zeynəb yanında olarkən bal yemişəm. And içirəm ki, bir daha bal yeməyəcəyəm. Ancaq sən bu barədə heç kəsə bir söz demə.” – deyə cavab verir. Həfsə dözməyib bu sirri Aişə xanıma açır, sonradan bunun bir kələk olduğu ortaya çıxır. Peyğəmbər (s) bərk narahat olur, bu ayələr nazil olur və Peyğəmbərin (s) evində bir daha belə bir hadisənin təkrar edilməməsi ilə bağlı göstəriş verilir. Bəzi rəvayətlərdə bu hadisədən sonra Peyğəmbərin (s) bir ay öz həyat yoldaşlarından uzaq durduğu, hətta onları boşayacağı ilə bağlı şayiə gəzdiyi, qadınların da bu xəbərdən qorxuya düşüb peşman olduqları qeyd edilmişdir.[4] Bəzi təfsirçilər bu nazilolma səbəbini və bu barədə olan rəvayətləri tənqid etmiş və onlara iradlar bildirmişlər.[5] Ailənin təlim-tərbiyəsi: Bu ayədə insanın öz ailə və övladları qarşısında böyük məsuliyyət daşıdığı qeyd edilmişdir. Ər imkanı daxilində onların təlim-tərbiyəsinə çalışmalı, onları günahdan çəkindirməli, yaxşı əməllər etməyə çağırmalı, təkcə qida təminatı ilə kifayətlənməməlidir. Dövrümüzdə ailələrdən kənarda fitnə-fəsad və günahın baş alıb getdiyi bir şəraitdə onların təsirlərinin qarşısını almaq üçün ailənin təlim-tərbiyəsi əsaslı və dəqiq şəkildə tənzimlənməlidir. Deyilənə görə bu ayə nazil olanda səhabələrindən biri Peyğəmbərdən (s) soruşur: Ailəmizi Cəhənnəm odundan necə qoruyaq? Peyğəmbər (s) buyurur: “Onlara Allahın əmrlərini əmr et, qadağan etdiklərini qadağan et. Əgər sənə itaət göstərsələr, deməli, onları qorumusan, yox əgər itaət göstərməsələr, vəzifənə əməl etmisən.” Möminlərin əmiri İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Özünüzə və ailənizə yaxşılıq öyrədin, onları ədəbləndirin.”[6]   Ey iman gətirənlər! Allaha xalis və səmimi tövbə edin. Ümid var ki, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri xar etməyəcəyi gündə Rəbbiniz günahlarınızdan keçsin və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən hərəkət edəcəkdir. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu tamamla və bizi bağışla. Sən hər şeyə qadirsən!” Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların yeri Cəhənnəmdir. Ora necə də pis aqibətdir! Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bu ikisi ilə (iki peyğəmbərlə) olan əlaqələrinin (Allahın əzabı qarşısında) onlara heç bir faydası olmadı. Onlara: “Daxil olanlarla birlikdə oda daxil olun!” – deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və kitablarını təsdiq etdi və Allahın fərmanına itaət göstərənlərdən oldu. ————————————————————————————— Allaha xalis və səmimi tövbə edin: Allah-taala əvvəlki ayədə möminlərə özləri və ailələrini Cəhənənm odundan xilas etmək göstərişi verir. Bu ayədə isə Cəhənnəm odundan xilas olmağın yolunu göstərir. Xilas olmağın birinci yolu günahdan tövbə etməkdir. İnsanı oddan xilas edən tövbə hər cəhətdən xalis olmalı, motivasiyası Allahın əmri, günah qorxusu (günahın ictimai və dünyəvi nəticələri deyil, axirət qorxusu) olmalıdır. Habelə bu tövbə insanı hər zaman Allaha asi olmaqdan saxlamalı, günaha dönüşünün qarşısını alan bir tövbə olmalıdır. Tövbə əslində, bir daha etməmək qərarı ilə edilən günaha peşmançılıqdır, habelə xəsarəti aradan qaldırıla bilən işin xəsarətinin aradan qaldırılmasıdır. Bağışlanma diləmək üçün onun sözlə ifadəsi də bu mənanı izhar etmək üçündür. Ümumiyyətlə, tövbənin beş şərti var: günahı tərk etmək, peşmançılıq, gələcəkdə onu bir daha etməməyə qərarlılıq, keçmişdəki xəsarətin aradan qaldırılması və bağışlanma diləmək.[7] Bir nəfər Peyğəmbərdən (s) “xalis tövbə nədir?” – deyə soruşduqda həzrət belə cavab vermişdir: “Bəndə keçmiş günahlarından peşman olur, sonra Allahdan üzr istəyir, bu, sinədən çıxan süd bir daha geri qayıtmadığı kimi, bir də günaha dönməməkdir.”[8] Bu incə ifadə onu göstərir ki, xalis tövbə insanda keçmişə qayıdış yolunu tamamilə bağlayacaq çevriliş yaradır. Çox vaxt insanda sapmalar baş verir, ancaq geriyə dönüş qapıları tamamilə bağlı olarsa, bir də geri dönməz və dönmək fikrindən daşınar. Buna görə də İslamın təlim-tərbiyə məktəbində tövbə ən mühüm tərbiyəvi əhəmiyyəti olan vasitələrdən hesab edilir. Quran da məhz bu cəhəti qabardaraq özlərini islah etmələri, keçmişdəki xəsarətlərini aradan qaldırmaları üçün bütün günühkarları bu qapıdan daxil olmağa çağırır. İmam Səccad (ə) “tövbəkarlarin minacatı”nda Allaha belə xitab edir: “Ey mənim Allahım! Sən elə bir varlıqsan ki, bəndənin üzünə rəhmət qapısı açıb adını tövbə qoyaraq buyurmusan: “Allaha xalis və səmimi tövbə edin”. Bəs bu qapı açıldıqdan sonra o qapıdan daxil olmağı unudanların üzrü nə olacaq?”[9] Nuh və Lutun zövcələri –əməlisaleh olmayan iki qadın: Allah-taala bu ayədə İslam peyğəmbərinin (s) sirrinin ifşa edilməsi və onun narahat olmasına səbəb olan hadisənin qəhrəmanları olan iki qadına xəbərdarlıq edir ki, peyğəmbər zövcəsi olmaq onların cəzalanmasına mane ola bilməz. Necə ki, Nuhun (ə) və Lutun (ə) həyat yoldaşları xəyanət etdikləri üçün onların bu peyğəmbərlərlə olan əlaqəsi kəsilmiş, əzaba düçar edilmişlər. Bu ayə həm də bütün möminlər üçün bir xəbərdarlıqdır. Onlar günah etdikləri halda Allahın dostlarına qarşı olan sevgiləri onların əzaba düçar olmasına mane ola bilməz. Nuhun (ə) və Lutun (ə) həyat yoldaşlarının günahı onda idi ki, düşmənlərlə əlbir olub evlərinin sirrini düşmənə verirdilər. Bundan başqa onlar iffətə zidd olan heç bir səhvə yol verməmişdilər.[10] Fironun həyat yoldaşı Cənnətin ən üstün xanımlarındandır: Fironun həyat yoldaşının adı Asiya, atasının adı isə Müzahim olmuşdur. Asiya Musanın (ə) sehrbazlar qarşısındakı möcüzəsini gördükdən sonra iman nuru qəlbinin dərinliklərinə nüfuz edir və o andan etibarən Allahın elçisinə iman gətirir, ancaq imanını gizli saxlayır. Firon onun imanından xəbər tutduqda dəfələrlə onu bu işdən çəkindirməyə çalışır. Bu əzmkar xanım isə Firona tabe olmur. Nəhayət, Fironun əmri ilə onun əllərini və ayaqlarını mismarlayır, günəşin altında uzadır və sinəsinin üstünə böyük bir daş qoyurlar. Asiya ömrünün son anlarında belə dua edir: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Ən üstün Cənnət xanımları dörd nəfərdir: Xüveylə qızı Xədicə, Mühəmməd qızı Fatimə, İmran qızı Məryəm və Müzahimin qızı və Fironun həyat yoldaşı Asiya.”[11]   [1] Nümunə, c.24, səh.267 [2] Məğafir Hicazda Ğurqut adlı ağacdan axan və xoşagəlməz qoxusu olan bir ağacın şirəsinə deyilir. [3] Bu hadisəni Aişə xanım özü nəql etmişdir. Bu plan kitablarda xanımın özünə istinadən nəql edilmişdir. [4] Nümunə, c.24, səh.271 [5] Daha ətraflı məlumat üçün bax: əl-Mizan, c.19, səh.352 [6] Nümunə, c.24, səh.293 [7] Nümunə, c.24, səh.289 [8] Əl-Mizan, c.19, səh.357 [9] Nümunə, c.24, səh.295 [10] Nümunə, c.24, səh.300 [11] Nümunə, c.24, səh.304

1 2 3 4 5 6 7