Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Cəfər Sadiq (ə) 30.08.2026

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında ikən Mənsur Dəvaniqinin xilafəti dövründə şəhadətə yetmişdir. Müqəddəs məzarı “Bəqi” qəbiristanlığında atası imam Baqirin (ə) məzarının kənarındadır. O həzrətin anası Qasim ibn Məhəmməd ibn Əbu Bəkrin qızı Fərvədir. İmam Baqir (ə) Mədinədə yaşasa da, oğlu imam Sadiq (ə) şiələrin çoxu İraqda olduğundan və ya başqa səbəblərə görə, bir müddət İraqda yaşamışdır. O həzrətin dövründə hökumət Əməvilərin əlindən çıxıb Abbasilərin əlinə keçdi. İMAM SADİQİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR İmam Sadiq (ə) hicrətin 114-cü ilində Əməvilərin hakimiyyəti dövründə imamətə çatmış, hicrətin 132-ci ilində Əməvilər hakimiyyətinə son qoyulmuş və Abbasilər sülaləsi hakimiyyəti ələ keçirmişdir. O həzrət aşağıda adıçəkilən Əməvi xəlifələrinin müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q.); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q.); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q.); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin 126-cı ilinin yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani-Himar) (126-132 h.q.). Abbasilərindən isə iki xəlifənin müasiri olmuşdur; Abdullah ibn Məhəmməd Səffah (132-137 h.q.) və Mənsur Dəvaniqi (137-158 h.q.). İMAM SADİQİN (Ə) ƏXLAQİ VƏ ELMİ ŞƏXSİYYƏTİ Şiə etiqadına əsasən, o həzrət Allah tərəfindən imamət məqamına təyin edilmişdir. Əbu Hənifə, Malik ibn Ənəs və bir qrup digər böyük ravilər imam Sadiqi (ə) öz ustad və müəllimlərindən biri olaraq qəbul etmiş və tanıtdırmışlar. Malik ibn Ənəs imam Sadiqin (ə) hüzurunda uzun müddət şagirdlik edən və dərs oxuyanlardan biri kimi, o həzrətin şəxsiyyəti haqqında belə söyləyir: “Bir müddət idi ki, Cəfər Sadiqin (ə) hüzuruna gedirdim. O həzrət zarafatcıl idi və dodaqlarında daim təbəssüm görünürdü. Onun hüzurunda Rəsulullahın (s) adı çəkildikdə, rəngi dəyişərdi. O həzrətin evinə gedib-gəldiyim müddətdə onu həmişə namazqılan, oructutan və Quran oxumaqla məşğul olan halda görürdüm. O, bütün vücudu ilə Allah qorxusunu hiss edən, təqvalı və zahid alimlərdən idi...” (“Ət-təvəssul”, İbn Teymiyyə, s52.)Tarixi mənbələrdə imam Sadiqin (ə) hüzurunda elm öyrənən və hədis dinləyən kəslərin sayı dörd min nəfər qeyd edilmişdir.Əbu Hənifə imam Sadiq (ə) haqda belə deyirdi: “Mən fəqihlikdə Cəfər ibn Mühəmməddən (ə) daha üstün bir şəxs görmədim. Şübhəsiz, o, İslam ümmətində hər kəsdən daha çox biliyə malikdir.” (“Əl-məscidul-məsanid”, Əhməd Xarəzmi, c.1, s.222.)Məşhur tarixçilərdən olan İbn Xülləkan o həzrət haqda belə yazır: “O, imamiyyə şiələrinin on iki imamından biri, Rəsulullahın (s) Əhli-beytinin böyüklərindəndir və doğru danışan olduğu üçün “Sadiq” ləqəbi ilə məşhurdur.” (“Vəfəyatul-əyan”, c.8, s.105.)İmam Sadiqdən (ə) yalnız “fiqh”lə əlaqədar hədislər deyil, təfsir, kəlam və əxlaq elmi haqqında da qiymətli hədislər əlimizə gəlib çatmışdır.

İmam Cəfər Sadiq (ə) 30.08.2026

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm:1. Qorxu içində yaşayan, amma“حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ –Həsbunəllah və ne`məl-vəkil” (Allah bizə kifayətdir və O, nə gözəl vəkildir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Bir halda ki, Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Sonra da (cihada gedənlər, şeytani vəsvəsələrə uymayanlar və “camaat sizə qarşı qüvvə toplamışdır, onlardan qorxun!” – deyənlərin müqabilində imanlarını daha da artırıb bu zikrə sığınanlar) Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular...” (“Ali-İmran”/173-174.)2. Qəm-qüssə içində olan, amma“لَا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ –Lə iləhə illə əntə, subhanəkə, inni kuntu minəz-zalimin” ((Pərvərdigara!) Səndən başqa məbud yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala bu zikrin davamında belə buyurmuşdur: “Biz onun (Yunisin) duasını (bu zikrə sığındığı üçün) qəbul etdik və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat veririk!” (“Ənbiya”/87-88.)3. Məkr və hiyləyə məruz qalan, amma“أُفَوِّضُ أَمْرِي إِلَى اللَّهِ إِنَّ اللَّهَ بَصِيرٌ بِالْعِبَادِ –Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil-ibad” (Mən öz işimi Allaha həvalə edirəm. Həqiqətən, Allah bəndələrini görəndir!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “Beləliklə, Allah onu (Musanı həmin zikri dilinə cari etdiyi üçün) onların (Firon əhlinin) qurduğu hiylələrin şərindən qorudu...” (“Qafir”/44-45.)4. Dünya və dünyanın gözəlliklərini istəyən, amma“مَا شَاء اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ –Maşaəllah, la quvvətə illa billah” (“Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allaha məxsusdur!) – zikrinə sığınmayan şəxsə təəccüb edirəm! Çünki Allah-Taala həmin zikrin davamında belə buyurmuşdur: “(Yoxsul bir şəxs varlı bir şəxsə xitabən buyurdu:) Əgər məni mal və övlad baxımından özündən aşağı görürsənsə, ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin...” (“Kəhf”/39-40.)(“Əl-əmali”, Şeyx Səduq, səh.6; “Biharul-ənvar”, c.90, səh.184-185.)

İmam Cəfər Sadiq (ə) 25.01.2025

İmam Sadiq (ə) namazı necə qılırdı?

Həmad ibni İsa nəql edir: “İmam Sadiqin (ə) xidmətində idim, mənə buyurdu: “Namazı yaxşı qıla bilərsənmi?”. Dedim: “Necə bacarmayım ki, namaz haqqında yazılan “Hərir” kitabını əzbərdən bilirəm””. Həzrət (ə) buyurdu: “Sənin üçün zərəri yoxdur, ayağa qalx və namaz qıl ki, mən də sənin necə namaz qıldığını görüm”. Mən üzü qibləyə dayanıb, namaz qılmağa başladım və namazın bütün rüku və səcdəsini yerinə yetirdim. Ancaq İmam (ə) bu namazı bəyənmədi və buyurdu: “Namazı yaxşı qılmadın. Necə də bir insan üçün çirkindir ki, ömründən 60-70 il keçər və bir kamil namaz qıla bilməz”.   Mən xəcalət çəkdim və dedim: “Qurban olum, namazı mənə təlim edin”. İmam (ə) üzü qibləyə dayandı və əllərini azad buraxdı. İmamın (ə) barmaqları bir-birinə sıxılmış idi. Ayağının barmaqlarını da qibləyə tərəf çevirdi, təvazökarlıq və qəlb hüzuru ilə buyurdu: “Allahu Əkbər”. Sonra “Həmd” və “İxlas” surəsini tərtillə oxudu. “İxlas” surəsi bitəndən sonra bir nəfəs çəkilən qədər səbir etdi. Sonra əllərini üzünə qədər qaldırdı və dayandığı halda buyurdu: “Allahu Əkbər”. Ondan sonra rükuya getdi və əllərinin içini dizinə qoydu. Həzrətin (ə) barmaqları açılmış halda idi. Ondan sonra səcdəyə getdi və səcdə halında əllərini bədəninə yapışdırmamışdı və bədəninin yeddi üzvünü yerə qoymuşdu. Səcdə edən zaman alnı, əllərinin içi, iki diz qapağı, ayağının iki baş barmağı, burnunun ucu yerə dəyirdi. Birinci səcdədən qalxan zaman buyurdu: “Allahu Əkbər”. Sağ böyrü üstə əyləşdi və sağ ayağını sol ayağının altına qoydu. Buyurdu: “Əstəğfirullahi Rabbi və ətubu ileyh” və əyləşdiyi yerdə yenə buyurdu: “Allahu Əkbər” və ikinci səcdəyə getdi. Onu da birinci səcdə kimi yerinə yetirdi. Təşəhhüdü deyən zaman İmamın (ə) barmaqları bir-birindən açılmış vəziyyətdə idi. Namazı bitirəndən sonra buyurdu: “Səcdə zamanı bədənin yeddi üzvünün yerə qoyulması vacibdir. Burnunun ucunu yerə qoymaq sünnətdəndir (müstəhəbdir)”. Sonra bu ayəni tilavət etdi: «Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın». (“Cinn” 18). İmam (ə) buyurdu: “Ey Həmad, belə namaz qıl!”.

İmam Cəfər Sadiq (ə) 25.01.2025

BÖYÜK GÜNAHLAR – İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN

İmam Kazim (əleyhissalam) buyurur: Əmr ibni Übeyd İmam Sadiq (əleyhissalamın) hüzuruna gəlib salam verdi və bu ayəni oxudu: «Yaxşı insanlar böyük günahlardan və çirkin əməllərdən qorunmalıdırlar». Sonra sükut edib ayənin davamını oxumadı. İmam ona buyurdu: Nə üçün sükut etdin? O dedi: Quranda bu günahların sayını bilmək istəyirəm. İmam buyurdu: Bəli, ey Əmr (eşit): 1. Ən böyük günah Allaha şərik qoşmaqdır. Ona görə Allah-təala buyurmuşdur: «Hər kəs Allaha şərik qoşsa Allah behişti ona haram edər.» (“Nisa”, 72.) 2. Ondan sonra Allahın rəhmətindən ümidsiz olmaq ən böyük günahlardan sayılır: Necə ki, Allah-təala buyurmuşdur: «Kafirlərdən başqa heç bir kəs Allahın rəhmətindən ümidsiz olmaz.» (“Yusif”, 78) 3. Allahın rəhmətindən ümidsizlikdən sonra ən böyük günah insanın həmişə Allahın əzabından amanda olacağını güman etməsidir. (İnsan həm Allahın rəhmətinə ümidli olmalı, həm də Allahın əzabından qafil olmamalıdır). Allah-təala Quranda buyurur: «Yalnız ziyana uğrayanlar, Allahın məkrindən amanda qalacaqlarına inanarlar». (“Əraf”, 99.) 4. Böyük günahlardan biri də ata və ananın üzünə ağ olmaqdır: Elə bu səbəbdən Allah-təala ata-anasına əziyyət verən şəxsi güclü, lakin bədbəxt bir insan kimi tanıtdırır. 5. Adam öldürmək; (İstisna olunmuş hallardan başqa). Allah-təala buyurur: «Hər kəs bir mömini qəsdən öldürsə, cəzası cəhənnəm olacaq və orada əbədi qalacaq. Allah ona qəzəb edəcək, lənətləyəcək və onun üçün ağır əzab hazırlayacaqdır.» (“Nisa”, 93.) 6. İffətli bir qadını zinakar kimi qələmə vermək. Allah-təala buyurur: «Zinanı ağıla belə gətirməyən ismətli qadınları zinada ittiham edən kimsələr, dünyada və axirətdə lənətə gəlmişlər». (“Nur”, 23.) 7. Yetimlərin malını yemək: Quranda belə şəxslərin haqqında oxuyuruq: «Yetimlərin malını haqsızlıqla yeyənlər yalnız qarınlarına od doldurar və tezliklə cəhənnəm atəşində yanacaqlar». (“Nisa, 10.) 8. Cihad (din yolunda müharibə) cəbhəsindən qaçmaq. Belə ki, Allah-təala buyurur: «Bir tərəfə çəkilib təkrar döyüşmək, yaxud (başqa bir) dəstəyə qoşulmaq məqsədilə yox, sadəcə qorxudan geriyə çəkilənlər (cəbhədən qaçanlar) Allahın qəzəbinə tutularlar. Cəhənnəmdir onların yerləri və ora necə də pis yerdir!» (“Ənfal”, 16.) 9. Faiz yemək. (sələmçi olmaq) Bu barədə Allah-təala buyurur: «Faiz yeyənlər (sələmçilər) məhşər ayağında şeytanın toxunub yerə yıxdığı adamın qalxdığı kimi ayağa qalxarlar». (“Bəqərə”, 277.) 10. Sehr və cadu etmək. Quranda sehr haqqında belə oxuyuruq: «Onlar bilirdilər ki, onu (cadunu) alan şəxsə Qiyamət günü heç bir mənfəət çatmayacaq.» (“Bəqərə”, 102.) 11. Zina. Belə ki, Allah-təala buyurmuşdur: «Hər kəs bunu (zinanı) etsə, o, günaha batmış olur. Qiyamət günü bu cür şəxsin əzabı qat-qat artar və cəhənnəm içində alçalaraq əbədi olaraq qalar». (“Furqan”, 68-69.)

İmam Cəfər Sadiq (ə) 25.01.2025

İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat

Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam) anası isə Ümmü-Fərvə olmuşdur. İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır. İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir. İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q); Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur: Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q); Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);

İmam Cəfər Sadiq (ə) 25.01.2025

İmam Sadiqin (ə) möcüzələrindən

DÖRD QUŞU DİRİLTMƏK İmam Sadiqin(ə) möcüzələrindən söz açmazdan öncə Həzrəti İbrahimin (ə) möcüzəsinə diqqət edək: Həzrəti İbrahim(ə) Allah-təalaya belə xitab etdi: Pərvərdigara! Mənə göstər ki ölüləri necə dirildirsən. Allah-təala buyurdu: Dörd dənə quş tut və ətlərini bir-birinə qatışdır. Sonra hər tikəsini bir dağın üstünə qoy. Sonra da onları öz yanına çağır, sürətlə sənin yanına gəlsinlər. Yusif ibn Zibyan deyir: Camatla birlikdə, İmam Sadiqin (ə) yanında idim. Ondan Allah-təalanın İbrahimə buyrduğu söz barəsində sual etdim. Sualım bundan ibarət idi ki, görəsən o quşlar hamısı bir növdən idilər ya müxtəlif növlərdən idilər. İmam (ə) buyurdu: İstəyirsən o dörd quşun dirilməyini sənə göstərim? Dedim: Bəli. O zaman İmam (ə) buyurdu: Ey Tovuz! Tovuz quşu onun yanına gəldi. Sonra qarğanı çağırdı və qarğa onun hüzuruna gəldi. Sonra qırğını çağırdı, qırğı da gəldi. Nəhayət, göyərçini çağırdı, göyərçin də İmamın hüzuruna gəldi. İmam əmr etdi ki, onların başını kəssinlər, qanadlarını yolsunlar və ətlərini tikə-tikə edib, bir-birinə qarışdırsınlar, sonra İmam (Ə) tovuzun başını tutdu və biz gördük ki, onun əti sümüyü və qanadları başqa quşlardan ayrılıb ona birləşdi və tovuz quşu həzrətin qarşısında dayandı. (Mənaqib, 3-cü c.) Bundan sonra qarğanı, qırğını və göyərçini nida etdi, onlarda İmamın qarşısında hazır oldular. Beləcə İmam (ə) bu quşları diriltdi. UZAQ MƏSAFƏNİ GÖRMƏK Əbu Bəsir deyir: İmam Sadiqin (ə) yanında idim, istəyirdim bəzi hacətlərimi ondan istəyim. İmam (ə) mənə buyurdu: Niyə səni belə kədərli görürəm? Ərz etdim: İraqa vəba xəstəliyinin gəlməsi xəbərindən və ailəmin orada olmasına görə kədərliyəm. İmam (ə) buyurdu: Üzünü çevir! Üzümün çevirdim, sonra buyurdu: Öz evinə daxil ol, daxil oldum və gördüm bütün ailəm böyükdən-kiçiyə qədər hamısı evdə salamatdırlar. Evdən bayıra çıxdım. O zaman İmam (ə) mənə buyurdu: Üzünü çevir, üzümü çevirdim və artıq gördüklərimini heç birini müşahidə etmədim. SU BULAĞININ YARANMASI Davud Nili deyir: İmam Sadiq (ə) ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün Allahın evi tərəfinə hərəkət edirdik. Zöhr namazın əvvəl vaxtı çatdı. İmam (ə) mənə buyurdu: Ey Davud yoldan qırağa çəkil, namaz üçün hazırlıq görək. Ərz elədim: Sənə qurban olum məgər bura susuz və bitkisiz olan bir yer deyilmi? İmam (ə) ayağını yerə sürtdü. Yerdən buz kimi soyuq bir bulaq suyu qaynadı. Bulaq suyu ilə dəstəmaz aldı. Mən də dəstəmaz alıb, vacib namazı qıldıq. (Biharul-Ənvar, 46-cı cild, səh.250- Biharul-Ənvar, 46-cı cild, səh. 344.) Hərəkət etmək istədiyimiz zaman gözüm qurumuş bir xurma ağacına toxundu. Həzrət buyurdu: Ey Davud! İstəyirsən bu qurumuş xurma ağacından sənə xurma verim? Ərz etdim : Bəli. Öz əli ilə xurma ağacına vurub, onu öz tərəfinə çəkdi və iki-üç növ xurma ondan yedik. Sonra əlini ona çəkib dedi: Allahın izni ilə əvvəlki halına qayıt və ağac yenədə öz qurumuş halına döndü. YERİN XƏZİNƏLƏRİNƏ TƏSƏLLÜT Dörd nəfər İmam Sadiqin (ə) şiələrindən deyirlər: Biz İmamın(ə) yanında idik. O, buyurdu: Bütün yerin xəzinələri və onların açarı bizim ixtiyarımızdadır. Əgər ayağımın altında olan bir tikə yerə desəm qızıllarını bayıra tök, tökəcək. O zaman ayağı ilə yerdə bir xətt çəkdi və yer ayrıldı və oradan bir külçə qızıl çıxardıb buyurdu: Yaxşıca buna baxın ki, şəkkiniz olmasın. Sonra buyurdu: Yerin içinə baxın! Baxdıq və orada üst-üstə yığılıb parıldayan çoxlu qızıl külçələrini müşahidə etdik. Səhabələrindən biri ərz etdi: Sənə fəda olum! Sizin bu qdər çoxluvar-dövlətiniz var, halbuki şiələriniz möhtacdırlar. İmam buyurdu: Allah dünya və axirəti bizim şiələrimiz üçün cəm edib, cənnətə daxil edəcək. Bizim düşmənlərimizi cəhənnəmə vasil edəcək.  (Biharul-Ənvar, 47-ci cild, səh.11.) MƏHDİNİN(Ə) DOSTLARININ MÜŞAHİDƏSİ Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, Xorasanlı bir kişi də orada hazır idi. O, mən başa düşmədiyim bir dildə danışırdı. Sonra bir şey dedi, mən onu başa düşdüm. Eşitdim ki, imam(ə) buyurur: Ayağını yerin üzündə tərpət. Birdən özümü bir yerdə gördüm ki, orada atlılalar başlarını atlarını yəhərinə söykəmişdilər. İmam (ə) buyurdu: Bunlar Məhdinin(ə.c) səhabələrindəndir. (Bəsairüd-dərəcat, 8-ci hədis, 12-ci bab, səh.119.) HEYVANLARIN DİLİNİ BİLMƏK Salim deyir: Biz İmam Sadiqin (ə) evinin həyətində idik. Sərçələr cikkildəşirdilər. Həzrət buyurdu: Başa düşürsünüz nə deyirlər? Ərz etdik: Sənə fəda olaq! Biz ki, onların dilini bilmirik ta dediklərini başa düşək. Buyurdu: Deyirlər İlahi! Biz sənin məxluqatından biriyik və sənin rizqinə möhtacıq, bizi yedirdib, sirab et. KÖVSƏR HOVUZUNU GÖSTƏRMƏSİ Abdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) Kövsər hovuzu barəsində soruşdum. İmam (ə) buyurdu: Böyük bir hovuzdur. Bəsrə və Səna arası qədər. Onu görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum! İmam (ə), mənim əlimi tutub Mədinədən xaric etdi. O zaman öz ayağını yerə vurdu. Birdən axar bir çayı gördüm ki, onun sahili mənim durduğum yerdən başqa görsənmirdi və o, bir adaya oxşayırdı. Mən və İmam (ə) durduğumuz halda gözüm bir çaya toxundu ki, onun bir tərəfində qardan daha ağ olan bir su axırdı. Onun başqa tərəfində qardan ağ olan bir süd axırdı, ortada yaqutdan yaxşı olan bir şərab idi ki, indiyə qədər bu şərabdan gözəl bir şey görməmişdim ki süd və su arasında qərar tapsın. Ərz etdim: Sənə fəda olum! Bu çayın mənbəyi haradır və hansı tərəfə axıb gedir?! İmam (ə) buyurdu: Allah-təalanın öz Quran kitabında zikr etdiyi bu bulaqlar cənnətdə olan çaylardır və bu çaydan su, süd və şərab bulaqları axır. (Biharul-Ənvar, 47-ci cild, səh.139. – Bəsairud-dərəcat, 7-ci cild, 2-ci bab, səh. 109. Üsule-Kafi molode Əbi Əbdillah Cəfər ibn Mühəmməd (ə)) Çayın kənarında bir ağaclar gördüm ki, behişt huriləri özlərini onlardan asmışdılar. Onların bir hbrükləri var idi ki, o cür hörük indiyə qədər görməmişdim. Əllərində qablar var idi ki, onların gözəlliyində olan qab dünyada müşahidə etməmişdim. İmam (ə) onların birinin yanına yaxınlaşdı. İşarə etdi ki, ona su versinlər. Mən ona baxırdım. Çaydan su götürmək üçün əyildiyi halda ağacda onunla birlikdə suya tərəf əyildi. Qabı çaya salıb, su götürdü və ona verdi. O qədər dadlı idi ki, ömrümdə görməmişdim. Onun iyi müşk iyi idi. Qaba baxdığım zaman üç cür içməli rəng var idi. Ərz etdim: Sənə qurban olum heç vaxt bu gün gördüyüm kimi şeylər görməmişdim! İmam (ə) buyurdu: Bu ən az olan şeydir ki, Allah öz şiələri üçün hazırlayıb. Mömin vəfat etdiyi zaman ruhu bu çaya gəlir, bu çayın ətrafında olan bağlarda dincəlir və onun şərabından içir. Düşmənimiz vəfat etdiyi zaman ruhu bərəhut vadisinə gedib həmişəlik əzabda qalır və oranın «Zəqqum»undan (cəhənnəmdə acı meyvəsi olan bir ağacın adıdır) ona yedizdirəcəklər və onun qaynar içkilərindən ona içirdiləcək. Bu yerdə Allaha pənah aparın. (Əlamül-vəra, 268-ci səh. Biharul-Ənvar, 47-ci cild, səh.72.) BİR QEYBİ XƏBƏR Südeyr Seyrəfi deyir: Allahın rəsulunu (s) yuxuda gördüm ki, onun qarşısında dəsmal ilə örtülmüş bir qab var. Ona yaxınlaşdım və salam verdim. Həzrət mənim cavabımı verdikdən sonra, dəsmalı qabın üzərindən götürdü. Gördüm onun içində təzə xurma var. Onu götürüb, yeməyə başladı. Ona yaxınlaşıb dedim: Ya Rəsuləllah, Mənə də xurma verin! Mənə bir dənə xurma verdi. Onu yeyib yenədə ərz etdim: Ya Rəsuləllah! Mənə yenə də xurma verin. O yenə də mənə xurma verdi. Onu da yedim. Yeyən kimi yenə də istəyirdim, ta ki, səkkiz dənə götürüb yedim. Təzədən yenədə istədim. Həzrət buyurdu: Kifayətdir. Yuxudan durdum. O günün səhəri İmam Sadiqin (ə) hüzuruna yetişdim. Gördüm ki, onun qabağında üstü dəsmal ilə bağlı olan bir qab var. Yuxuda Rəsululahın yanında gördüyüm üstü bağlı xurma qabı kimi idi. İmam (ə) salam verdim. O, mənim cavabımı verdi. O zaman qabın üstündən dəsmalı götürdü. Mən təəccübləndim və ərz etdim: Sənə qurban olum! Mənə də xurma verin. O da mənə xurma verdi və mən yeyib, təzədən xurma istədim. Götürüb mənə verdi. Onu yeyib, yenə də istədim, ta səkkizinci xurmaya yetişdi o zaman yenə də istədim. İmam (ə) buyurdu: Əgər cəddim Rəsulullah sənə bundan çox versəydi, mən də verərdim. Həzrətin təbəssümü mənim yuxumdan xəbərdar olduğunu bildirirdi. (Bəsairüd-dərəcat, 7-ci cild, 14-cü bab, səh. 99. Biharul-Ənvar, 47-ci cild, 86-cı səh.) BƏRZƏX ALƏMİNDƏN BİR CİLVƏ Davud ibn Kəsir deyir: İmam Sadiqin(ə) evində idik. Peyğəmbərlərin fəzilətləri haqqında müxakirə edirdik. İmam(ə) bizim cavabımızda buyurdu: And olsun Allaha! Allah Mühəmməddən (s) üstün və fəzilətli bir peyğəmbər yaratmayıb, sonra üzüyünü çıxarıb, yerə qoydu və bir zikr dedi. Birdən yer Allahın qüdrəti ilə onun ortasında yaşıl rəngli bir gəmi var. Onun üstündə yazılmışdı. (La ilahə illillah, Mühəmməd rəsulullah, Əli əmirəl-möminin və bəşşir əl-Qaim…! 102) Qaimə (ə) müjdə ver ki, o düşmənləri ilə döyüşəcək, möminlərin fəryadına yetişəcək və Allah ona çoxlu mələk ilə kömək edəcək. 103 KORUN ŞƏFASI Əbu Bəsir ki, kor idi deyir: İmam Sadiqin (ə) dalınca gedirdim ta onun qolunu tutum. İmam(ə) buyurdu: Məni görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum! O zaman həzrət əlini gözümə sürtdü. Birdən gözlərim onun vücudunu görməyə başladı. Sonra mənə buyurdu: Əgər camaatın söz-söhbəti olamsaydı, səni bu halda buraxardım. Amma belə eltməyim düz deyil. Sonra əlini gözümə sürtdü və əvvəlki kor halıma qayıtdım. (İxtisase Şeyx Müfid, səh. 325. – Əmaliye Şeyx Tusi, səh. 70. Biharul-Ənvar, 47-ci cild, səh. 64.) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İMAM SADİQ (ə)

Allahın adı ilə Peyğəmbərin əzəmətli ağacının gövdəsindən ayrılmış, öz genişliyi və incəliyi ilə əql və hikmət sahiblərini heyrətə qoyan, islam dininin hüquq sistemini (fiqh) mükəmməl formada bəşəriyyətə təqdim edən, Cəfəri məzhəbinin banisi 6-cı imam Cəfəri Sadiqin (ə) hicri- qəməri tarixinin 83-cü il rəbiyul-əvvəl ayının 17-si (may ayının 19-da) təvəllüd günüdür. Həmin tarix həmçinin sevimli Peyğəmbərimizin (s) təvəllüd günü ilə üst- üstə düşür. Bu münasibətlə cəmi müsəlmanları təbrik edirik. O cənabın adı Cəfər,künyəsi Əbi Əbdillahdır. Onun bir neçə ləqəbi varki, ən məşhuru Sadiqdir. Atası 5-ci imam Məhəmməd Baqir (ə), anası isə Məhəmməd Əbu- bəkrin nəvəsi “Ümmü fərvə” adı ilə məşhur olan Fatimə xanımdır. Bu xanım dövrünün ən möhtərəm və nəcib qadınlarlndan olmuşdur. O həzrət imamət məqamına 34 yaşında olarkən çatdı. Və imamlığı 31 il davam etdi. İmam Cəfər Sadiqin (ə) həyatı islam aləminin ən mürəkkəb və çətin dövrünə təsadüf etmişdir. Çünki Əməvilər sülaləsi zəifləyib Abbasilər hakimiyyətə gəlirdi. Bu iki sülalənin başının mübarizəyə qarışması xalis islam fikrinin geniş təbliğ olunmasına şərait yaratmışdı. Belə bir məqamda imam cənabları Mədinə şəhərində müasir universitet formalı bir məktəb təsis etdi. Universitetdə üsul və fiqh (hüquq), fəlsəfə və kəlam, riyaziyyat, fizika, kimya, irfan və s fənləri tədris edilmiş və burada böyük alimlər yetişdirməyə nail olunmuşdur. Həmin alimlər mükəmməl təhsil aldıqdan sonra islam xilafətinin ən ucqar nöqtələrinə gedib öz biliklərini camaata çatdırmışlar. İmamın əzəməti, elmi, ad-sanı xalq arasında olan nüfuzu həmişə zəmanə hakimlərinin qorxutmuşdur. Onlar hər vasitə ilə çalışmışlarki, imamı (ə) hörmətdən salıb alçaltsınlar. Lakin bu məqsədlə hakimlər tərəfindən təşkil olunan elmi mübahisə və münazirə məclislərində İmam (ə) öz lədunni elmi ilə bübün müxaliflərinə qalib gəlib onları aciz qoyurdu. Nəhayət İmamı (ə) özləri üçün təhlükə görən Abbasi xəlifəsi Mənsur dəvaniqi o həzrəti zəhərli üzüm salxımı ilə zəhərlətmişdir. O cənab 65 yaşında şəhadət məqamına nail olmuş və Mədinə şəhərindəki bəqi qəbiristanlığında dəfn edilmişdir. İmam Sadiqin (ə) elmi irsi müxtəlif Avropa dillərinə tərcumə olunmuş və ali məktəblərdə tədris edilmişdir. Belə ki, Almaniyada olan universitetlərin birinin kitabxanasında Cabir ibn həyyanın üç kitabı saxlanılır. Cabir ibn həyyan Cəfəri Sadiqin (ə) riyaziyyat, fizika, kimya və digər dəqiq elmlər sahəsində ən məşhur yetrirməsi olmuşdur və Cəfəri Sadiqin (ə) şəhadəti günü həmin universitetdə bayrağı bir neçə dəqiqəlik aşağı endirib o cənabın xatirəsini yad edirlər. Cəfəri Sadiqin (ə) şəxsiyyəti, elmi barədə ətraflı danışmaq, sözsüz ki, çox çətindir. Lakin çalışacağıq ki, cənabın haqqında müxtəsər də olsa, siz əziz oxuculara məlumat verək. Fikir və əqidə müxtəlifliklərinə malik olmaqlarına baxmayaraq, 4000 nəfər şəxs o cənabın elm dəryasından bəhrələnmiş vəhədislərini nəql etmişdir. İndiyədək Əhli beytin (ə) heç birindən bu qədər hədis nəql olunmamışdır. Öz dövrünün ən məşhur alimləri, təfsir və hikmət ustadları o şəxsdən dərs almışlar. Əhli sünnəninbir çox alimləri, xüsusən də Hənəfi və Maliki məzhəbinin baniləri Əbu Hənifə və Malik ibn Ənəs onun tələbələri olmuşlar. Əbu Hənifə xəlifə Mənsurun göstərişi ilə sarayda təşkil olunmuş elmi toplantıda İmam Cəfəri Sadiqdən (ə) soruşduğu qırx suala aldığı mükəmməl və ətraflı cavabların yekununda belə demişdir: “Nəzərlərin müxtəlifliyinə daha yaxşı vaqif olan şəxsin elmi və fəqahəti camaatın hamısından üstündür”. Malik ibn Ənəs İmam Cəfəri Sadiqin (ə)abidliyi barədə nəql edir ki, Mən həmişə o həzrəti üç haldan birində görərdim: Ya oruc, ya ibadət, yada zikrlə məşğul olardı. Əbdül Əla belə deyir: “Yayın qızmar günlərinin birində gördüm ki, Cəfəri Sadiq (ə) Mədinə küçələrindən biri ilə harasa gedir. O həzrətə dedim ki, qurbanın olum, sən Peyğəmbərin (ə), nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?”İmam buyurdu:”ruzumu qazanmaq üçün evdən çıxmışam ki, başqalarına möhtac olmayım”. O həzrətin barəsində olan hekayətlərin birində bildirilir ki, Əbu Cəfər Xəsəli deyir: “İmam Sadiq (ə) mənə bir kisə qızıl verib buyurdu ki, bunu filan haşimi (seyyid) kişiyə ver və kimin verdiyini ona demə” ravi deyir ki, o malı həmin kişiyə verdikdə dedi: ” bunları mənə verən hər kimdirsə, Allah ondan razı olsun. Həmişə mənə beləcə pul göndərir.mənim dolanışığımda onun sayəsində təmin olunur. Lakin Cəfəri Sadiq (ə) bax ki, çoxlu malı olduğu halda mənə heç bir dirhəmdə vermir”. Bu onu göstərir ki, İmam Sadiq (ə) sidq ürəklə və təmənnasız etdiyi yaxşılıqların heç zaman söylənilməsini istəməmişdir. Daha dəqiq desək, özünü təbliğdən kənar olmuşdur. Buradan belə bir nəticə çıxarmaq olar ki, İmam Cəfəri Sadiq (ə) Məhəmməd (s) nəslindən olan Peyğəmbərin digər davamçıları kimi gözəl əməllərini və yaxşı xüsusiyyətlərini daim gizlətməyə çalışmışdır. Bu da onun böyüklüyündən irəli gələn bir cəhətdir.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiqdən (ə) doqquz nəsihət

Bir nəfər Imam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, ona nəsihət versin. İmam buyurdu: “Doqquz məsələyə əməl etməyi sənə tövsiyə edirəm.” Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin. Tövsiyələrimdən üçü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədə, üçü səbr və dözüm haqqında, qalan üçü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanalıq etmə! Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır: Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar. Ikincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin. Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək (“bismillah” de). Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: “Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz”. Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla. Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır: Birincisi, kimsə sənə: “Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm” söyləsə, sən cavabında de: “Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm”. Ikincisi, kimsə səni söysə ona belə cavab ver: “Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın”. Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə (yəni səni söyməklə qorxutsa), sən ona nəsihət və hörmət vədəsi ver (yəni onu doğru yola yönəldəcəyini və ona hörmət göstərəcəyini söylə)”. Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır: Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə. Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et. Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)”. Sonra Imam həmin adama buyurdu: “Mən sənə nəsihət edib borcumu verdim. Indi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiqin (ə) Qur’an ilə sünnənin əhatəliliyi barəsində dediyi kəlam

Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən 1 də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə.» 2 1 Müğeyriyyə – bir məzhəbin adıdır 2 Biharul-Ənvar, c.2, səh.169, hədis3

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir. Biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik: Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin.” İmam (ə) buyurdu: لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ “Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin.” Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! (“Əs-sərair”, 3-cü cild, səh.650.) İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: “İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu: اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ “Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın.” Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu: إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة “Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz.” (“Əl-məhasin”, 1-ci cild, səh.80; “Əmali”, Şeyx Səduq, səh.572.) “Lisanul-ərəb” adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan “mustəxiffən” ifadəsi haqda belə yazılır: “İstəxəffə” sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki “mustəxiffən bis-səlat” ibarəsinin mənası da belədir: “Namaza hörmətsizlik edən və etinasız yanaşan.” Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir. Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, “Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!” – deyə ərz etdikdə, İmam (ə) buyurdu: یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏ “Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz.” (“Məcməul-bəhreyn”, 3-cü cild, səh.73.) یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏. “Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş.” (“Əl-xisal”, 1-ci cild, səh.169.) Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı: عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ. “Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır.” (“Əl-əmali”, Şüyx Tusi, səh.676.) Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu: أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ “Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək.” (“Əl-əmali”, Şüyx Tusi, səh.355.) “Həqqullah” (Allahın haqqı) və və “həqqun-nas”ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz. Rza Şükürlü (Maide.az)

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat

Vilayət və İmamətin altıncı parlaq ulduzu İmam  Sadiq ələyhis-salam Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq. Künyəsi: Əbu Əbdillah. Atası: Muhəmməd Baqir (əleyhissalam). Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə). Doğulduğu gün: 17 Rəbiül-əvvəl. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 83-cü hicri ili. Şəhid olduğu gün: 25 şəvval. Şəhid olduğu il:148-ci hicri ili. Ömrü: 65 il. Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir. Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı. Övladlarının sayı: 10 (7 oğlan, 3 qız) Oğlanları: 1. İsmail. 2. Əbdüllahi Əftəh. 3. Musayi Kazim (əleyhissalam). 4. İshaq. 5. Muhəmməd Dibac. 6. Əbbas. 7. Əli. Qızları: 1. Fatimə. 2. Əsma. 3. Ümmü-Fərvə. Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir). Həyatına qısa baxış! İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi  və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on imamdan nəql olunan hədislərdən çoxdur. Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu  yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır. İmam Cəfər Sadiqin (ə) məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir. İmam Sadiqin (ə) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (ə) görüşmüşdü. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt(ə) məktəbinə həsr etmişdir. Hişamın Tohid, Qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri dövrümüzə qədər gəlib çatıb. Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar. İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı  dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu  dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji  prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi. İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi  xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından və “salaminfo.az” saytından istifadə olunub.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

Külək niyə əsir? Əsməsə, nə olar? – İmam Sadiqin (ə) mübarək izahı

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Ey Mufəzzəl! Səni küləkdən və onun xüsusiyyətlərindən agah edim. Məgər görmürsənmi ki, külək qalxan və yatan zaman nə müsibətlər baş verir? Canlar həlak olmaq təhlükəsində qalır. Sağlamları xəstə, xəstələri həlak edir. Meyvələri məhv edir. Yaşıllıqları çirkləndirir və faydasız edir. Ardınca vəba gətirir və tarladakı məhsulu məhv edir.   Ona görə də küləyin əsməsi Müdrik Allahın tədbir və hikmətidir ki, aləmin xeyirinə fəaliyyət göstərməkdədir.   Əsən küləyin cinsi havadandır. Külək bədənləri sərinləşdirər. Buludları bir tərəfdən başqa tərəfə aparar ki, dağılsınlar. Yağış yağdırsınlar ki, faydası hamıya çatsın. O zaman ki, yağar –  külək buludları bir-birindən ayırar. Gəmiləri hərəkətə gətirər. Yeməyi lətif və yeyilə biləcək edər. Suyu soyudar və atəşi alovlandırar. Tərli olan şeyləri qurudar.   Xülasə, əgər külək və hava olmasaydı bitkilər solar, heyvanlar ölər və hər şey məhv olardı.   Səs, havada meydana gələr və onu qulaqlara çatdırar. İnsanlar (həmin) səslə gün ərzində və gecə vaxtı bir-biri ilə danışarlar. Əgər bu sözlərin təsiri kağızda yazının qalması kimi qalsaydı, havada da qalardı. Bu da onların ziyanına səbəb olardı. Hava – bu bədənlərin həyat mənbəyidir. Tənəffüs vasitəsilə cismin daxilində havanın alınması və xaric edilməsi baş verər. İyləri bir tərəfdən başqa tərəfə ötürər. Məgər görmürsənmi ki, o tərəfdən ki, külək gələr – iy də gələr. Müdrik Allah bu havanı gizli kağız qərar vermişdir ki, sözləri həml etsin. Sonra onu (kağızı) məhv edər və yenidən pakizə və ağ edər. Bu iş arası kəsilmədən baş verər. Ona görə də bu havadan və onda gizlənənlərdən ibrət götür”. (Həvzəh)   /Deyerler.org/

1 2

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...