Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

QURANI KƏRIM 19.02.2025

“Məaric” surəsi

“Məaric” surəsi Rəhman və Rəhim Allahın adı ilə! İstəyən kimsə baş verən əzabı istədi – Bu əzab kafirlər üçündür. Heç kəs onu dəf edə bilməz. O, (mələklərin enib qalxdığı) pillələr sahibi olan Allah tərəfindəndir. Mələklər və Ruh (Allaha yaxın mələk) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar. Sən təmkinlə səbr et! Çünki onlar həmin günün uzaqda olduğunu güman edirlər. Biz isə onun yaxın olduğunu görürük. O gün göy ərimiş metal kimi olacaqdır. Dağlar da didilmiş rəngli yuna bənzəyəcək. Dost dostunu axtarmayacaq. ———————————————————————————- 44-47. Allahın adından yalan danışmağa möhlət yoxdur: Burada ortaya belə bir məsələ çıxır ki, əgər Allah Onun adından yalan danışan hər bir kəsi dərhal cəzalandırıb məhv etsəydi, onda yalançı peyğəmbərlərin hamısı tez bir zamanda məhv edilməli idi. Halbuki biz bunun belə olmadığının, onların uzun illər yaşadıqlarının, hətta yanlış dinlərinin özlərindən sonra da davam etdiyinin şahidi oluruq. Məsələ burasındadır, ki, Allah “hər bir iddiaçı deyil, yalnız İslam peyğəmbərinin yalan deyəcəyi təqdirdə belə edəcəyini” buyurur. Yəni Allahın möcüzə verdiyi, həqiqətən peyğəmbər olduğunu göstərən dəlillərini təsdiq etdiyi bir peyğəmbər haqq yoldan çıxarsa, ona bir an olsun belə, möhlət verməz. Çünki o, insanların haqq yoldan sapmasına səbəb olar. Əgər belə bir addım atsa, Allah onu məhv etməklə sözlərinin yalan olduğunu hər kəsə sübut edər.[1] “Məaric” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamət günü kafirlərin başına gələcək ağrılı-acılı əzablardan danışılır.[2] 1-2. Əlinin (ə) imam olduğunu inkar edənin dərhal əzaba düçar olması: İmam Sadiq (ə) buyurmuşdur: “Allah rəsulu (s) Qədiri-Xum günü həzrət Əlini (ə) xəlifə təyin etdikdən və haqqında “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”, – deyə buyurduqdan sonra bu xəbər bütün şəhərlərə yayıldı. Bir gün Nöman ibn Haris Fəhri adlı bir şəxs Peyğəmbərin (s) yanına gəlib dedi: “Sən bizə Allahın təkliyinə və sənin də Onun elçisi olduğuna şahidlik etməyimizi göstəriş verdin, biz də şahidlik etdik. Sonra cihadı, orucu, namazı və zəkatı əmr etdin, biz də qəbul etdik. Ancaq bunlarla da kifayətlənməyib bu gənci (Əlini) özünə canişin təyin etdin və “mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” dedin. İndi bu söz sənin sözündür, yoxsa Allahın?” Peyğəmbər (s) buyurdu: “And olsun Allaha ki, Ondan başqa heç bir məbud yoxdur! Bu, Allahın sözüdür. Nöman üzünü çevirib dedi: “İlahi, əgər bu söz Sənin tərəfindən nazil olmuş bir həqiqətdirsə, göydən bizim başımıza daş yağdır.” Elə bu vaxt onun başına göydən bir daş düşüb onu öldürdü. Sonra bu ayələr nazil oldu.”[3] Əlli min ilə bərabər gün: Yəni Qiyamət günü dünya illərinə uyğun əlli min il qədər davam edəcək. Əlbəttə, bu, günahkar, zalım və kafirlərə aiddir. Bir gün Peyğəmbərdən (s): “Həmin gün nə qədər çəkəcək?” – deyə soruşulduqda o həzrət (s) belə cavab vermişdir: “Mühəmmədin canı əlində olan Allaha and olsun! O gün möminlər üçün dünyada qılınan bir vacib namazdan asan olacaq.” Bu ayə Qiyamət gününün min il sürəcəyi qeyd edilən Səcdə surəsinin 5-ci ayəsi ilə ziddiyyət təşkil etmir. Çünki həmin ayədə Qiyamətin əlli dayanacağından birinə, burada isə bütün Qiyamət müddətinə işarə edilmişdir.[4] Hər kəs Qiyamətdə dünyada əməl etdiyi qədər qalacaq, bu dünyada Allahın əmrlərinə cani-dillə qucaq açan, böyük sevgi ilə onları qəbul edib yorulmadan və usanmadan çalışsa, Qiyamətin dayanacaqlarından böyük şadlıqla keçəcək. Allahın qanunlarını yerinə yetirməyə ərinən, onlardan imtina edən şəxs Qiyamətin dayanacaqlarından çətinliklə keçəcək və onun həmin keçidlərdən keçməsi çox uzun çəkəcək.[5] Onlar bir-birini göstərəcəklər. Elə olacaq ki, günahkar o günün əzabından qurtarmaq üçün qurban vermək istəyəcək – öz övladlarını, həyat yoldaşını və qardaşını, hər zaman onu himayə etmiş qəbiləsini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! (Bunlarla əsla xilas olmaq olmaz!) Bu odun yandırıcı şölələridir – başın dərisini sıyırıb çıxaran, əli, ayağı qoparıb aparan (bir od)! (O od) çağırır Allahın əmrinə arxa çevirəni və mal-dövlət yığıb saxlayanı. İnsan həris və kəmhövsələ yaradılmışdır. Ona bir pislik toxunduqda dözümsüzlük göstərir, bir xeyir nəsib olduqda isə xəsislik edir. Namaz qılanlar istisnadır. O kəslər ki, namazlarında davamlıdırlar. O kəslər ki, onların mallarında məlum bir haqq vardır- dilənən və kasıblar üçün. O kəslər ki, haqq-hesab gününə inanırlar. O kəslər ki, Rəblərinin əzabından qorxurlar. Çünki heç kəs Rəbbinin əzabından amanda deyil. O kəslər ki, tənasül üzvlərini qoruyurlar – zövcələri və sahib olduqları cariyələr istisnadır. (Buna görə) onlar əsla qınanmazlar. Bundan artığını istəyənlər isə həddi aşanlardır. O kəslər ki, əmanətlərinə və əhdlərinə sadiqdirlər. O kəslər ki, şahidliklərində mətindirlər. Bir də o kəslər ki, namazlarında diqqətlidirlər. Onlara Cənnət bağlarında hörmət göstəriləcək. Bu kafirlərə nə olub belə, Sənə doğru sürətlə gəlirlər – sağdan-soldan, dəstə-dəstə (və Cənnət arzusundadırlar)?! Onların hər birinin tamahında var ki, nemətlərlə dolu Cənnət bağlarına daxil edilsinlər? Əsla! Biz onları özləri bildikləri şeydən xəlq etmişik. ————————————————————————————— İnsan həris və kəmhövsələdir: Allah-taala insanda kamilləşmək, tərəqqi etmək, səadətə nail olmaq üçün vasitə olan və öz-özlüyündə pis olmayan xüsusiyyətlər, instinktlər və potensial qüvvələr yaratmışdır. Ancaq həmin qüvvələrdən sui-istifadələr edilərsə, yanlış yolda istifadə edilərsə, onlar bədbəxtliyə, şər və fəsada səbəb olarlar. Məsələn, hərislik insanın səy və fəaliyyətdən tez əl çəkməsinə, hər hansı nemətə nail olduqdan sonra doymasına imkan vermir. Bu, insanın varlığına hakim kəsilmiş bir yandırıcı susuzluqdur. Əgər bu xüsusiyyət elm, bilik, mənəvi kamilliklərin əldə edilməsinə sərf edilərsə, şübhəsiz ki, onun inkişafına səbəb olar, yox, əgər sərvət, şəhvət, ehtiras və bu kimi yollara sərf edilərsə, şər və bədbəxtliyə səbəb olar.[6] Namaza diqqət özünü islah etmiş insanların ən üstün xüsusiyyətidir: Namaz özünü islah etmiş insanların ən başlıca xüsusiyyətidir ki, onun vasitəsilə Allahla olan əlaqələrini qoruyub saxlayır, qəflət, təkəbbür, ehtiras, Şeytan və nəfsi istəklər əsarətindən qorunurlar. “Namazlarında davamlıdırlar” deyilərkən hər zaman namaz halında olmaq nəzərdə tutulur. Burada namazları vaxtı-vaxtında qılmaq da nəzərdə tutula bilər. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Yəni nafilələri özlərinə vacib edib davamlı olaraq yerinə yetirirlər.” İmam Baqir (ə) buyurmuşdur: “Bu ayədə nafilə namazlarına, 34-cü ayədə isə vacib namazlara işarə edilmişdir.”[7] Hər halda Allah özünü islah etmiş insanların xüsusiyyətlərini sadalamağa onların namaza diqqətli olmasını qeyd etməklə başlayır. Məhz eyni xüsusiyyətlərlə də bu sıralamaya son verir. Bu da onu göstərir ki, sadalanan xüsusiyyətlər arasında namaza diqqət ən mühüm və ən üstün xüsusiyyətdir.[8] İffət: Quran iffət məsləsinə çox böyük əhəmiyyət verir. Hədislərdə də bu xüsusiyyət maraqlı ifadələrlə təsvir edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Allaha qarın və iffətin qorunmasından üstün bir şeylə ibadət edilməmişdir.” Bu iki işin ən üstün ibadət adlandırılmasının səbəbi qarını haram tikədən və iffəti haram münasibətlərdən qorumaqdan çətin işin olmamasıdır. Bir nəfər İmam Baqirə (ə) deyir: Mən müstəhəb əməlləri yerinə yetirməkdə zəifəm və az oruc tuturam, amma çalışıram ki, yalnız halal yeyim və yalnız halal cinsi münasibətdə olum. İmam (ə) buyurur: “Qarın və iffətin qorunmasından böyük cihad varmı?!” Peyğəmbərin (s) bu məzmunda bir hədisi var. O həzrət (s) həmin hədisdə buyurur ki, mənim ümmətimi Cəhənnəmə daxil edən ən böyük şey qarın və iffəti qorumamaq olacaq. Hədislərinin birində Peyğəmbər (s) dil və iffətini qoruyan şəxsə Cənnəti zəmanət vermişdir. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “… Camaatın qadınlarına qarşı iffətli olun ki, sizin də qadınlarınız iffətli olsunlar.” Hədislərdə iffətə xələl gətirən harama baxmaq, naməhrəmlə əl görüşmək və sair kimi ilkin addımlardan qorunmaq da göstəriş verilmişdir.[9]   And olsun gündoğanların və günbatanların Rəbbinə! Biz qadirik ki, onları daha yaxşıları ilə əvəz edək. Biz əsla məğlubiyyətə uğramayacağıq. Vəd verilmiş günə çatanadək onları özbaşına burax, qoy öz batillərinə qərq olub oynasınlar. O gün məbudlarına ibadətə can atırmışlar kimi qəbirlərdən çıxacaqlar. O gün utandıqlarından və qorxudan baxışları yerə dikiləcək, zillət, xarlıq və rüsvayçılıq pərdəsi ilə örtüləcəklər. Bu onlara vəd verilmiş həmin gündür. [1] Nümunə, c.24, səh.483 [2] Əl-Mizan, c.20, səh.5 [3] Nümunə, c.25, səh.7 [4] Nümunə, c.25, səh.16; Əl-Mizan, c.20, səh.8 [5] Mənşuri-cavid,c.9, səh.311 [6] Nümunə, c.25, səh.29; Əl-Mizan, c.20, səh.14 [7] Nümunə, c.25, səh.30 [8] Nümunə, c.25, səh.39 [9] Biharül-ənvar, c.68, səh.268

QURANI KƏRIM 19.02.2025

“Haqqə” surəsi

“Haqqə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! (Qiyamət günü) mütləq, gerçəkləşəcək bir gündür! Necə də gerçəkləşəcək bir gün! Sən nə bilirsən gerçəkləşəcək həmin gün nədir?! Səmud və Ad qövmləri Allahın əzici əzabını inkar etdilər (acı nəticəsini də gördülər.) Səmud qövmü qarşısıalınmaz bir əzabla məhv edildi. Ad qövmü isə hədsiz soyuq, şiddətli və qarşısıalınmaz bir küləklə həlak edildi. Allah bu dağıdıcı tufanı yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. (Sən orada olsaydın,) həmin tayfanın o tufanın içində içiboş və çürümüş xurma ağacları kimi yerə düşüb həlak olduğunu görərdin. Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi? ————————————————————————————– Nəzər varmı? İnsanların çoxu bəzi gözlərin xüsusi təsirə malik olduğuna, nəyəsə təəccüblə baxdıqda həmin şeyə xəsarət yetirəcəyinə və ya onu məhv edəcəyinə, insanı xəstə və ya dəli edəcəyinə inanır. Bu inanc əqli cəhətdən mümkünsüz bir şeydir. Bu gün alimlərin çoxu bəzi gözlərdə çox böyük təsir gücünə malik, hətta xüsusi təlim və məşqlər vasitəsilə daha da təkmilləşdirilə bilən maqnit qüvvəsinin olduğu qənaətindədirlər. Gözlərin maqnit gücü vasitəsilə qarşı tərəfi hipnoz etməsi mümkün haldır. Bu gözlər görünməz lazer şüalarının mövcud olduğu bir dünyada heç bir dağıdıcı silahın qadir olmadığını edə bilər. Qarşı tərəfə xüsusi dalğalar vasitəsilə təsir göstərən gözlərdə hər hansı bir gücün olması təəccüblü bir şey deyil. Bəzi şəxslərin gözlərinin bu cür sirli gücə malik olması, insanları, heyvanları və ya hər hansı əşyanı bir baxışla məhv etməsi faktını çoxlarının dilindən eşitmək olar. Deməli, bu reallığı inkar etməkdə israrlı olmaq əvəzinə onun elmi və əqli cəhətdən mümkün olduğunu qəbul etmək lazımdır. Hədislərdə bu fakt müxtəlif formalarda təsdiq edilmişdir. Bir gün Əsma bint Ümeys Peyğəmbərə (s) deyir: “Arada Cəfərin[1] uşaqlarına göz dəyir. Onlar üçün ruqyə[2] götürə bilərikmi?” Peyğəmbər (s) buyurur: “Bəli, heç bir eybi yoxdur. Əgər nə isə qəza-qədərin qarşısını ala bilsəydi, o, nəzər olardı.” İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində deyilir ki, Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün ruqyə götürərək bu duanı oxudu: “Sizi ölümün, ziyanverici heyvanların, bədnəzərin və paxıllıq edən hər bir paxılın şərindən Allahın gözəl sözləri və adlarına tapşırıram.” Sonra Peyğəmbər (s) bizə baxıb buyurdu: “Həzrət İbrahim də İsmail (ə) və İshaqın (ə) şərdən qorunması üçün bu cür dua edib.” Başqa bir hədisində İmam Əli (ə) belə buyurmuşdur: “Həm göz dəyməsi haqdır, həm də onu dəf etmək üçün duadan istifadə etmək”. Bir məsələni də qeyd etməliyik ki, ümumilikdə dualar bir çox dağıdıcı amillərin qarşısını alıb Allahın izni ilə onları zərərsizləşdirdiyi kimi bu duaların da Allahın əmri ilə gözlərin sirli maqnit gücünün təsirinin qarşısını alması mümkün bir işdir. Əlbəttə, nəzəri qəbul etmək heç də bu demək deyil ki, bu fakta əsaslanıb xurafatlarla məşğul olmağa, nəticədə, şəriətin göstərişlərinə zidd hərəkət etməyə, mövzunun əsl mahiyyətindən xəbəri olmayan insanlarda şəkk-şübhə yaratmağa icazə verilir. Ümumiyyətlə bir çox həqiqətlərin təhrifi və onlara xurafatların qarışdırılması zehnlərdə həmin həqiqətlərlə bağlı mənfi təsəvvürün yaranmasına səbəb olur.[3] “Haqqə” surəsinin ümumi məzmunu: Bu surəni üç mövzu üzrə ümumiləşdirmək olar: 1. Qiyamət və onun biz çox xüsusiyyətləri. 2. Keçmişdə yaşamış kafir qövmlər, xüsusilə Ad, Səmud və Firon qövmləri, Qiyaməti inkar edən bütün kafirlərin qorxudulması. 3. Quranın əzəməti, Peyğəmbərin (s) məqamı və onu yalançı sayanların cəzası.[4]   Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlərin sakinləri (Lut qövmü) də böyük günahlar işlətmişdilər. Onlar öz Rəblərinin elçisinə asi oldular, O (da) onları şiddətli bir əzaba düçar etdi. Su aşıb-daşdıqda Biz sizi gəmiyə mindirdik. Sizə bir xatırlatma olsun və dinləyən qulaqlar onu anlayıb dərk etsinlər deyə (belə etdik). Surun bircə dəfə üfürüləcəyi, yer və dağların qaldırılıb qəfildən bir-birinə çırpılaraq parça-parça olacağı zaman – həmin gün “böyük hadisə” qopacaq. Göy yarılacaq və həmin gün o, süstləşib yerə töküləcək. Mələklər isə onun ətrafında olacaq (və öz vəzifələrini yerinə yetirməyə hazırlaşacaq)lar. O gün sənin Rəbbinin ərşini onların hamısının üzərindən səkkiz (mələk) daşıyacaqdır. O gün siz Allahın hüzuruna gətiriləcəksiniz və heç bir işiniz gizli qalmayacaq. Əməl dəftəri sağ əlinə verilən (sevincindən) qışqırıb deyəcək: “Əməl dəftərimi alın oxuyun! Mən əmin idim ki, etdiklərimin hesabına qovuşacağam”. O, xoşbəxt həyat sürəcəkdir uca bir Cənnətdə, (elə bir Cənnətdə ki,) onun meyvələri əlçatan olacaqdır. (Onlara deyiləcək:) “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!” Əməl dəftəri sol əlinə verilən kəs isə deyəcəkdir: “Kaş əməl dəftərimi mənə verməyəydilər! Hesabımdan da xəbərim olmayaydı! Kaş ölümüm yetişəydi! Var-dövlətim məni zəngin etmədi. Qüdrətim də məhv olub getdi”. (Mələklərə deyiləcək): “Onu yaxalayıb zəncirləyin! Sonra da Cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, böyük Allaha iman gətirmirdi, və (heç kəsi) kasıbı yedirtməyə təşviq etmirdi. ————————————————————————————– Su aşıb-daşanda sizi gəmiyə mindirdik: Bu ayədə Nuh qövmünün aqibəti və onlara göndərilən ağrılı-acılı əzabdan bəhs edilir. Həmin vaxt qara buludlar göy üzünü örtmüş, sonra göydən sel yağırmış kimi yağış yağmağa başlamışdı. Yerdəki bulaqlar da aşıb-daşmağa başlamışdı. Hər ikisi birləşərək qarşılarına çıxanı altına almış, yalnız Nuha iman gətirənlər xilas olmuş və onunla birlikdə gəmiyə minmişdilər. “Sizi mindirdik” ifadəsi ilə bizim ata-babalarımıza işarə edilmişdir. Çünki onlar xilas olmasaydılar, biz də əsla olmazdıq.[5] Dinləyən və eşidən qulaqlar: Bəzən elə olur ki, insan bir sözü eşidib onu tez də unudur. Adi danışıq dilimizdə də “bir qulağından alıb digər qulağından verdi” ifadəsi işlədirik. Bəzən isə eşitdiyimiz haqqında düşünür, onu qəlbimizə hopdurur, həyat yoluna çıraq edirik. Deyilənə görə bu ayə nazil olduqdan sonra İslam peyğəmbəri (s) buyurmuşdur: “Rəbbimdən istədim ki, onu (eşidən qulaqları) Əlinin qulaqları etsin.” Ondan sonra İmam Əli (ə) buyurmuşdur: “Mən ondan sonra Allah rəsulundan (s) nə eşitdimsə, hamısı yaddaşıma həkk oldu, heç zaman da unutmadım.” Bu, Peyğəmbərin (s) sirlərinin sirdaşı və bütün elmlərinin varisi olan o böyük öndər üçün çox böyük bir hədiyyə olmuşdur. Buna görə də Peyğəmbərdən (s) sonra İslam cəmiyyəti elmi məsələlərdə hansı problemlə qarşılaşsaydı, müxalif və tərəfdar olmasından asılı olmayaraq, ona müraciət edər, probleminin həllini ondan soruşardı. Bu barədə mənbələrdə çox faktlara rast gəlmək olar.[6] Ərş və onun səkkiz daşıyıcısı: Ayədə bu daşıyıcıların mələklər olacağı açıq şəkildə qeyd edilməmişdir. Ancaq kontekstdən onların mələklər olduğu məlum olur. Habelə həmin səkkiz daşıyıcının səkkiz mələk, yoxsa səkkiz böyük və ya kiçik mələklər qrupu olduğu da dəqiq göstərilmir. Hədislərdə indi həmin daşıyıcıların dörd mələk (və ya mələklər qrupu) olduğu, Qiyamətdə isə onların sayının səkkizə çatacağı buyurulmuşdur. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İndi onlar dörd nəfərdir, Qiyamət günü isə onlar dörd digər mələklə gücləndiriləcək və sayları səkkiz nəfər olacaq.” Görəsən “ərş” nədir? Bu mələklər kimlərdir? Əslində “ərş” heç də fiziki mənada başa düşülən “səltənət taxtı” deyil, bütün varlıq aləmidir. “Ərş” Allahın hökumətidir və o, Allahın əmrlərini icra edən mələklər tərəfindən idarə olunur. Belə bir ehtimal da var ki, Allahın bu idarəediciləri mələklərdən daha üstün varlıqlardır. Belə ki, hədislərdə də qeyd edilmişdir ki, Qiyamət günü Allahın ərşini daşıyanlar əvvəllərdən olan dörd nəfər və axırdan olan dörd nəfərdir. Əvvəllərdən olan dörd nəfər Nuh, İbrahim, Musa və İsa əleyhimis-salamlar, axırdan olan dörd nəfər isə Muhəmməd, Əli, Həsən və Hüseyn əleyhis-salamlardır. Şübhəsiz ki, Qiyamət gününə aid olan hadisələr bu məhdud və qaranlıq dünyanın sakinləri olan bizlər üçün dəqiq və aydın olmadığı üçün ərşin daşıyıcıları ilə bağlı məsələ də dəqiq məlum deyil. Qeyd etdiklərimiz Allahın ayələrinin işığında yürütdüyümüz xəyaldır. Onların həqiqətini həmin vaxt görəcəyik.[7]   Buna görə də bu gün burada onun mehriban dostu yoxdur. Qan və irindən başqa yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər”. And olsun həm gördüklərinizə, həm də görmədiklərinizə! Bu, Quran möhtərəm bir elçinin sözüdür. O, şair sözü deyildir! Amma az inanırsınız! O, kahin sözü də deyildir! Hərçənd ki, az diqqət yetirib xatırlayırsınız! O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Əgər o, bir sözü özündən uydurub Bizə aid etsəydi, Biz onu Öz qüdrətimizlə yaxalayar, sonra da şah damarını kəsərdik. İçərinizdən heç kəs də buna mane ola bilməzdi. Bu, əlbəttə, müttəqilər üçün bir xatırlatmadır. Bəzilərinizin onu yalan saydığını da bilirik! Bu, kafirlər üçün bir peşmançılıq səbəbidir. Bu, əsl həqiqətdir. Elə isə böyük Rəbbinin adına təriflər de! [1] Cəfər onun əri olub. [2] Nəzər üçün yazılıb üstdən asılan dua. [3] Nümunə, c.24, səh.426 [4] Nümunə, c.24, səh.433 [5] Nümunə, c.24, səh.443 [6] Nümunə, c.24, səh.444 [7] Nümunə, c.24, səh.451

QURANI KƏRIM 19.02.2025

“Qələm” surəsi

“Qələm” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Nun. And olsun qələmə və yazdıqlarına! Məhz Rəbbinin neməti sayəsində sən dəli deyilsən. Sənin üçün böyük və tükənməz mükafat hazırlanmışdır. Sən böyük və yüksək əxlaq sahibisən! Tezliklə sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu. Rəbbin Onun yolundan azanları və haqq yolda olanları hər kəsdən yaxşı bilir. Elə isə yalan sayanlara itaət göstərmə. Onlar sənin güzəştə getməyini, qarşılığında özlərinin də güzəştə getmələrini istəyirlər. İtaət etmə tez-tez and içənə, alçağa, eyib axtarana, söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, kin saxlayana, çox yeyənə, kobud və bədnama! Məbada çoxlu var-dövlət və oğul-uşaq sahibi olduğu üçün (ona itaət göstərəsən). Ayələrimiz ona oxunduğu zaman: “Bunlar keçmişdəkilərin uydurduğu əfsanələrdir!” –deyər. ———————————————————————————— Axar suyu sizin ixtiyarınıza kim verir? Birilik ki, torpaq iki əsas təbəqədən ibarətdir: suyu özünə hopduran yumşaq təbəqə və sərt təbəqə. Su sərt təbəqənin altında toplanır. Bütün bulaqlar, quyular, kəhrizlər, bu iki təbəqə sayəsində meydana gəlir. Əgər yer üzü dərinliklərinə qədər tamamilə yumşaq və sukeçirən olsaydı, su tamamilə hopub yerə sovrular və onu əldə etmək qeyri-mümkün olardı. Əgər yer üzü tamamilə sərt olsaydı, su ya yerin üzərində durar və yer üzü başdan-başa bataqlığa çevrilərdi, ya da axıb dənizlərə tökülər və nəticədə bütün yeraltı su ehtiyatları əldən çıxardı. Bu, Allahın bütün mövcudata bəxş etdiyi rəhmətinin kiçik bir nümunəsidir. İnsanın ölümü və həyatı bu nemətdən çox-çox asılıdır. Əhli-beytin (ə) hədislərində bu ayədə İmam Mehdinin (ə) zühuruna və onun bütün dünyanı ədalətlə dolduracağına işarə edildiyi qeyd edilmişdir. İmam Baqir (ə) hədislərinin birincə sözü gedən ayənin təfsiri ilə bağlı belə buyurmuşdur: “Bu ayə Allahın ədaləti ilə qiyam edəcək bir imam haqqında nazil olub. O, deyəcək: “Əgər sizin imamınız qeybə çəkilsə, siz onun yerini bilməzsiniz, sizə göydən və yerdən məlumat verən, halal və haramı izah edən imamı kim göndərər?” O həzrət (ə) daha sonra buyurmuşdur: “And olsun Allaha! Bu ayənin yozumu hələ nazil olmayıb, nəhayət gələcək.” Bu məzmunda hədislər çoxdur. Əlbəttə, onların hamısının tətbiq nümunəsi olduğunu unutmamalıyıq. Başqa sözlə desək, bu ayənin zahiri məzmunu mövcudatın həyat mənbəyi olan axar suya, batini isə insan cəmiyyətinin həyat mənbəyi olan imama, onun elminə və cahanşümul ədalətinə aiddir.[1] “Qaləm” surəsinin ümumi məzmunu: Bu surədə Allah-taala Peyğəmbərə (s) onu dəli adlandıran müşriklərin təhqirinə cavab olaraq təsəlli verir, onu böyük əxlaq sahibi olması və aqibətinin xeyirli olacağı ilə müjdələyir. Həmçinin təkidlə Peyğəmbəri (s) müşriklərlə razılığa gəlməkdən və onlara tabe olmaqdan çıkindirir və o həzrətə (s) missiyasının çətinliklərinə dözmək və Allahın fərmanını gözləmək göstərişi verir.[2] Peyğəmbər yüksək əxlaq sahibidir: Peyğəmbərlik missiyasını yerinə yetirərkən Peyğəmbərin (s) uğur qazanmasına səbəb olan ən mühüm amillərdən biri onun əxlaqı olmuşdur. Peyğəmbərin (s) malik olduğu yüksək əxlaqi keyfiyyətlər və ali insani dəyərlər o həzrətin (s) dostlarını heyran edir, hətta ən qatı düşmənlərini də təsir altına salır, ona təslim olmağa məcbur edirdi. Əgər bunu Peyğəmbərin (s) əxlaq möcüzəsi adlandırsaq, yanılmarıq. Peyğəmbərin (s) gözəl əxlaqı, mehribanlığı, fədakarlığı, təqvası haqqında çox əhvalat və xatirələr nəql edilmişdir. İmam Hüseyn (ə) hədislərinin birində belə buyurur: “Bir gün atam Əmirəl-möminindən (ə) Peyğəmbərin (s) xüsusiyyətləri və əxlaqı haqqında soruşdum, o da mənə geniş cavab verdi. İmamın cavabının bir hissəsində belə deyilir: “Peyğəmbər yoldaşlarına qarşı daim gülərüz, təbəssümlü və mülayim olub, əsla kobud, daşürəkli, sərt, acıdıl, eyib axtaran və yaltaq olmayıb. Heç kəsi naümid etməzdi və onun qapısına gedən heç kəs oradan məyus geri dönməzdi. Özünü üç xislətdən xilas etmişdi: söz savaşına çıxmaz, çox danışmaz, ona aid olmayan işə müdaxilə etməzdi. Üç davranışı özünə yaxın buraxmazdı: insanları məzəmmət etməz, danlamaz, camaatın gizli eyib və xətalarının üstünü açmazdı, yalnız Allahdan savab yazılacağına ümidi olduğu mövzulardan danışardı… Qərib və nadan adam kobud danışıb nə isə istəsəydi, dözümlülük göstərib yoldaşlarına buyurardı: “Kimin bir ehtiyacı olduğunu görsəniz, verin”. https://nimfo.net Heç kəsin sözünü kəsməzdi, sözünün sona yetməsini gözləyərdi.”[3]   Biz tezliklə onun burnuna rüsvayçılıq damğası vuracağıq. Biz “bağ sahiblərini” sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) and içmişdilər ki, səhər tezdən meyvələri (ehtiyaclı insanların xəbəri olmadan) yığacaqlar və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı onların bağını bürüdü. O yamyaşıl bağ zülmət gecə kimi (qapqara) oldu. Səhər bir-birini çağırdılar: “Əgər meyvələri yığacaqsınızsa, bağınıza erkən gedin!” Onlar yollandılar, (yol boyu da) bir-birinə (belə) pıçıldayırdılar: “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!” Onlar səhər tezdən qərara gəlmişdilər ki, var gücləri ilə yoxsullara mane olsunlar. Onu (bağı) görəndə isə dedilər: “Həqiqətən biz azmışıq! (Bəli, hər şey əlimizdən çıxıb.) Əslində, bizik məhrumlar!” Onların ən ağıllısı dedi: “Məgər mən sizə demədimmi, nə üçün Allaha təriflər söyləmirsiniz?” Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!” Sonra dönüb bir-birini qınamağa başladılar (və) dedilər: “Vay halımıza! Biz həddi aşmışıq! Ümidvarıq ki, Rəbbimiz bizə onun əvəzinə ondan daha yaxşısını versin. Çünki biz Rəbbimizi sevirik”. (Dünyadakı) əzab belədir. Axirət əzabı isə ondan da böyükdür! Kaş biləydilər! Müttəqilər üçün Rəblərinin dərgahında nemət dolu Cənnət bağları var. Biz heç möminləri günahkarlara tay tutarıqmı?! Sizə nə olub, necə hökm verirsiniz?! Yoxsa sizin elə bir kitabınız vardır ki, ondan oxuyursunuz?! Seçdiyiniz hər bir şeyin sizin olduğu(nu ondanmı oxuyursunuz)?! Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, hökm etdiyiniz hər şey sizin olacaqdır?! Onlardan soruş gör, hansı buna zəmanət verir?! Yoxsa onların Allaha şərik qoşduqları məbudları vardır (və onlar üçün şəfaətçi olacaq)?! Əgər doğru danışırlarsa, onda məbudlarını gətirsinlər. Bir gün (dəhşətdən) baldırlar çılpaqlaşacaq və onlar səcdəyə çağırılacaqlar, lakin bacarmayacaqlar (səcdə etməyə qüdrətləri çatmayacaq). —————————————————————————————— 17-33. İnhisarçılıq hissi varlıların ən böyük bəlasıdır: İnsanın istər-istəməz dünya malına sevgisi olur. Yaşayış dünya malı ilə təmin olunduğu üçün ona qarşı normal rəğbət məzəmmət edilmir. Mühüm məsələlərdən biri insanın öz malından ehtiyacı olan insanlara pay ayırması və Allahın vacib hüquqlarını ödəməkdən əlavə müstəhəb sədəqələr də verməsidir. Quran (Ənam-141) və hədislərdə bağ və əkin sahiblərinin məhsul yığımı zamanı ehtiyaclılara da pay ayırması xüsusi vurğulanmışdır. Var-dövlətə sevgi ifrat həddə olduqda inhisarçılıq hissi güclənir, insan həmin hissdən həzz almağa başlayır. Bu, müasir cəmiyyətlərdə də çox rəst gəlinən böyük bəlalardandır. Hətta onu təhlükəli xəstəlik növü də hesab etmək olar. Bu ayədə işlədilən “bağ sahibləri”nin simasında əl-ələ verib kasıbların məhrum edilməsi üçün plan cızan, onlar görmədən məhsul götürməyə və ondan geniş şəkildə istifadə etmək istəyən varlıların inhisarçılıq ruhiyyəsi aydın şəkildə təsvir edilmişdir. Çox vaxt məhrum edilmiş kasıbların ah-naləsi yandırıcı ildırıma çevrilib inhisarçı varlıların həyat xırmanına od vurur, çox vaxt bu ildırımlar inqilablar formasında təzahür edir, varlılar inanmadıqlarını öz gözləri ilə əyani şəkildə görürlər, fəryadları göyə ucalır, keçmiş günah və səhvlərindən peşiman olmaqdan, tövbə etməkdən dəm vurmağa başlayırlar. Bu ayədə həm də belə məlum olur ki, günahla ruzinin kəsilməsi arasında yaxın əlaqə var. İmam Baqir (ə) belə buyurmuşdur: “Bəzən insan günah edir, nəticədə, ruzisi kəsilir.” Bu cümlədən sonra İmam  (ə) bu surənin 17-19-cu ayələrini oxumuşdur.[4] İbn Abbasa deyirlər: “Bəziləri səhvən belə düşünürlər ki, insanın etdiyi günah onun ruzidən məhrum olmasına səbəb olur”. İbn Abbas deyir: “And olsun özündən başqa tanrı olmayan Allaha! Bu məsələ Quranda parlaq günəşdən də aydın təsvir edilib. Allah “Qaləm” surəsində ondan bəhs edir.” Sonra o, bağ sahiblərinin əhvalatını nəql edir.[5] Səcdəyə dəvət ediləcəkləri, ancaq bunu bacarmayacaqları gün: Bir qrup təfsirçi “Baldırlar çılpaqlaşacaq” cümləsi ilə vəhşət, qorxu, dəhşət hissinə eyham vurulduğunu qeyd etmişdir. Adətən, ərəblər çətin bir işlə qarşılaşdıqda ətəklərini bellərinə bağlayır, nəticədə, baldırları açıq qalır. Ayədə sonra buyurulur ki, həmin gün insanlar Allah qarşısında səcdə edib təvazökarlıq göstərməyə dəvət edildikdə möminlər səcdə edəcək, münafiqlər isə varlıqlarını bürümüş dəhşət və qorxudan səcdə etməyi unudacaq, Allah qarşısında səcdə edə bilməyəcəklər. Burada ortaya belə bir sual çıxır: Əgər Qiyamət günü vəzifə və mükəlləfiyyət yeri deyilsə, bəs nə üçün hər kəs səcdə etməyə çağırılacaq? İmam Rza (ə) belə buyurmuşdur: “Qiyamətdə Allahın nuru üzərindən bir pərdə götürüləcək, möminlər onun əzəmətindən səcdəyə qapanacaq, münafiqlər isə belləri quruduğu üçün səcdə edə bilməyəcəklər.” Başqa sözlə desək, həmin gün Allahın əzəməti aşkar olacaq və bu əzəmət möminləri səcdə etməyə çağıracaq, onlar da səcdəyə qapanacaqlar, ancaq münafiqlər həmin səadətdən məhrum olacaqlar.[6]   Bu, (xəcalətin çoxluğundan) gözləri yerə dikilmiş və vücudlarını zillət və xarlıq bürümüş halda baş verəcək. Halbuki onlar daha əvvəl sağ-salamat olduqları halda, səcdə etməyə dəvət olunurdular. (Lakin bu gün artıq onların səcdə etmək qüdrətləri yoxdur.) İndi bu sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən əzaba doğru aparacağıq. Mən onlara (qayıtmaq üçün) möhlət verirəm. Çünki Mənim tədbirlərim çox güclü və dəqiqdir. Yoxsa sən onlardan ödəməyə çətinlik çəkdikləri bir haqq istəyirsən?! Yoxsa qeybin sirləri onların əlindədir və onlar da onu yazırlar?! İndi ki, belədir, sən öz Rəbbinin fərmanını gözlə və balıq sahibi (Yunis) kimi olma! O zaman o, son dərəcə qəm-qüssə içində Rəbbini çağırmışdı. Əgər Rəbbinin mərhəməti dadına yetməsəydi, o, (balığın qarnından) qınanmış halda çölə atılacaqdı. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi. Kafirlər Quranı eşitdikləri zaman öz baxışları ilə az qalır səni məhv etsinlər. Onlar deyirlər: “O, dəlidir!” Halbuki bu (Quran), aləmlər üçün ayıldıcı vasitədən başqa bir şey deyildir.   [1] Nümunə, c.24, səh.358 [2] Əl-Mizan, c.19, səh.383 [3] Nümunə, c.24, səh.377 [4] Nümunə, c.29, səh.404 [5] Əl-Mizan, c.19, səh.393 [6] Nümunə, c.24, səh.413

QURANI KƏRIM 18.02.2025

“Mulk” surəsi

“Mulk” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Varlıq aləminin hökmranlığı əlində olan (şəxs) bərəkətli və tükənməzdir. O, hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməzdir, bağışlayandır. Yeddi göyü bir-birinin üzərində təbəqələr şəklində yaradan Odur. Sən rəhman olan Allahın yaratdığında heç bir ziddiyyət və qüsur görməzsən. Yenə diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra təkrar bax. Nəhayət, gözlərin yorğun və gücsüz halda özünə tərəf dönəcəkdir. Biz aşağı (yaxın) olan göyü parlayan çıraqlarla bəzədik və onları şeytanlara atılan atəşlər etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq. Rəblərinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir! Onlar oraya atılanda onun qaynayan halda çıxardığı dəhşətli səsi eşidəcəklər. Qəzəbindən az qala parçalanacaq. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə qorxudan (bir peyğəmbər) gəlməmişdi?” Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz” – demişdik. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq Cəhənnəm sakinlərinin arasında olmazdıq!” Onlar öz günahlarını etiraf edəcəklər. Cəhənnəm sakinləri Allahın rəhmətindən uzaq olsunlar! Öz Rəblərindən (Onu) görmədən qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. ———————————————————————————– “Mülk” surəsinin ümumi məzmunu: Bu surə üç hissədən ibarətdir: 1. Yaradılışın başlanğıcı, Allahın sifətləri və yaranışın heyrətamiz sistemindən bəhs edən ayələr. 2. Məad və Cəhənnəm əzabından bəhs edən ayələr. 3. Kafir və zalımların dünya və axirətin müxtəlif əzabları ilə təhdid edilməsi.[1] Ölüm və həyat sınaq vasitəsidir: Ölüm yox olmaq və puça çıxmaq olsaydı, onun haqqında yaradılmaq ifadəsi işlənməzdi. Çünki yaratmaq ifadəsi mövcudluğu, varlığı olan hadisələr haqqında işlədilir. Ölüm əslində, bir dünyadan başqa bir dünyaya keçiddir, bu cəhətdən də şübhəsiz ki, yaradılmış bir hadisədir. Ayədə “ölüm” sözünün “həyat” sözündən əvvəl işlədilməsi ona diqqət yetirilməsinin insanların yaxşı əməl etməsinə daha böyük təsir göstərməsi ilə bağlıdır. İlahi sınaq isə bir növ tərbiyə səciyyəsi daşıyır. Belə ki, ilahi sınaq insanları püxtələşmək, paklanmaq və Allah dərgahına yaxınlaşmaq ləyaqəti əldə etmək üçün əməl meydanına daxil olmağa sövq edir. Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, burada əməlin çoxluğu deyil, məhz yaxşı olması sınağın məqsədi kimi göstərilmişdir. Bu da ona görədir ki, İslam kəmiyyətə deyil, keyfiyyətə əhəmiyyət verir. Əməl nə qədər az olsa da, onun Allah üçün xalis olması önəmli şərtdir. Peyğəmbər (s) belə buyurmuşdur: “Məqsəd müstəhəb əməlləri az yerinə yetirsə belə sizin hansınızın ağlının daha kamil olmasını, Allahdan daha çox qorxmasını və Allahın əmr və qadağalarından daha çox xəbərdar olmasını yoxlamaqdır.” Təbii ki, kamil ağıl əməli təmizləyir, niyyəti xalis edir, mükafatı artırır.[2] 3-4. Varlıq aləmi qüsursuzdur: Bu ayədən iki nəticə əldə etmək olar: Quran haqq yolunun bütün yolçularından istəyir ki, imkanları çatdığı qədər varlıq aləminin sirləri və bu dünyanın qəribəlikləri haqqında dərindən düşünüb diqqətlə araşdırma aparsınlar. O qədər sirlər var ki, ilk baxışda diqqət cəlb etmir, onları görə bilmək üçün dəfələrlə baxmaq, baxışı itiləşdirmək lazımdır. Digər tərəfdən, insan bu nizam-intizama nə qədər diqqətlə nəzər salsa, onun nizam-intizamını, bir-birindən asılılığını daha yaxşı dərk edər. Bu zəncirvari sistem onu yaradanın və onu idarə edən elmli və qüdrətli idarəedicinin varlığının bir sübutudr.[3] Bu ayənin mənası çox genişdir və o, Allahın yaratdıqlarının istənilən qüsur, nöqsan, nizamsızlıq, ziddiyyət, əyrilik, zəiflikdən uzaq olduğunu göstərir.[4] Eşidən qulaq və ayıq düşüncə sahibləri Cəhənnəmdə olmazlar: Bu ayədə Allah Cəhənnəm sakinlərinin dəhşətli aqibətindən danışarkən onların bədbəxtliklərinin əsas səbəbini də qeyd edərək buyurur: Allah insanlara həm eşidən qulaq, ağıl və düşüncə verib, həm də açıq dəlillərlə peyğəmbərlər göndərib. Əgər bu ikisi birləşdirilsə insan səadətə qovuşar. Ancaq insan ona verilən qulaq vasitəsilə dinləməsə, gözləri ilə baxmasa, ağlı ilə düşünməsə, Allahın peyğəmbərlərinin və kitablarının heç bir təsiri olmaz. İmam Əli (ə) belə buyurmuşdur: “Cəbrail Adəmə (ə) nazil olub buyurdu: “Mən sənə bu üç nemətdən birini seçmək hüququ verirəm. Birini seçib digər ikisini tərk edəcəksən.” Adəm (ə) onların nələr olduğunu soruşduqda Cəbrail buyurdu: “Ağıl, həya və din.” Adəm dedi “Mən ağılı seçirəm”. Cəbrail həya və dinə: “Onu tərk edin”, – deyə göstəriş verdi. Onlar isə: “Bizə hər yerdə ağılla birlikdə olmaq, ondan ayrılmamaq əmri verilmişdir”, – deyə cavab verdilər. Cəbrail dedi: “İndi ki, belədir, əmrə əməl edin”. Sonra səmaya qalxdı.” Bu, ağıl və düşüncə və onun həya və din ilə münasibətinin çox incə təsviridir. Əgər ağıl dindən ayrı düşsə, havaya sovrular, təhrifə uğrayar. İnsanın günah etməsinə mane olan həya hissi də ağıl və düşüncənin nəticə və səmərələrindəndir.[5] Sözünüzü gizli saxlasanız da, onu aşkara çıxarsanız da,  (fərqi yoxdur,) O, kökslərdə olanı bilir. Yaradan agah və xəbərdar olduğu halda, ola bilərmi ki, (gizlində və aşkarda olanları) bilməsin? Yeri sizə ram edən Odur. Onun səthində gəzin və ruzilərindən yeyin. Hamının qayıdışı Onadır. Səmanın hakiminin əzabından, yerə ayrılıb sizi udmaq və titrəməsinə davam etmək əmri verməyəcəyindən əminsinizmi? Yoxsa səmanın Allahının çınqıl daşlarla dolu qasırğanı üzərinizə göndərməyəcəyinə əminsiniz? Siz tezliklə mənim təhdidlərimin hansı nəticələr verdiyini biləcəksiniz. Onlardan əvvəlkilər də bunları yalan hesab etmişdilər. (Gör) Mənim əzabım necə oldu! Məgər onlar başları üzərində qanadlarını gah açan, gah da yığan quşlara baxmırlar? Onları səmada yalnız rəhman olan Allah saxlayır. Çünki O, hər şeyi görür. Yoxsa qoşununuz olan adam sizə Allah qarşısında yardım edə biləcək? Kafirlər ancaq aldanmaqdadırlar! Ya da O, ruzisini kəssə, sizə kim ruzi verəcək? Lakin onlar təkəbbür göstərməkdə və həqiqətdən qaçmaqda israr edirlər. Üzü üstə düşüb sürünən adam hidayətə daha yaxındır, yoxsa düz yolda dimdik addımlayan şəxs? De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Ancaq az şükür edirsiniz!” De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu Qiyamət vədi nə vaxt olacaq?” De: “Bunu yalnız Allah bilir. Mən isə yalnız aşkar qorxudanam!” —————————————————————————————– 15. Yer insana ram edilmişdir: “Zəlul” (ram edilmiş) sözü yer haqqında işlədilmiş ən əhatəli ifadədir. Çünki böyük sürətlə hərəkət edən bu “iti minik” elə sakit görünür ki, sanki heç tərpənmir. Yerin dörd hərəkət formasına malik olduğu qeyd edilir. Bu hərəkətlərdən üçü onun öz oxu ətrafına fırlanması, günəşin ətrafına fırlanması və günəş sistemi ilə birlikdə qalaktika daxilində hərəkətinə aiddir. Bu hərəkətlərində həddən artıq yüksək sürətə malik olmasına baxmayaraq, yer elə rahat və mülayimdir ki, əgər onun hərəkət etməsi ilə bağlı qəti dəlillər olmasaydı, bu fakta heç kəs inanmazdı. Digər tərəfdən, Yer nə həyat üçün əlverişsiz olacaq dərəcədə sərtdir, nə də üzərində olanları batıracaq qədər yumşaq. O, həyat üçün tam əlverişli şəraitə malikdir. Fərz edin, əgər yer üzü tamamilə hər şeyi dərinliyə dartan bataqlıq, insanın dizə qədər batdığı yumşaq qum, ya iti və sərt daşlardan ibarət olsaydı, onun sakit və rahatlıq mənbəyi olmadığı o zaman bilinərdi. Digər tərəfdən onun Günəşlə olan məsafəsi istinin onu yandıracağı qədər yaxın, hər bir şeyin donacağı qədər uzaq deyil. Yer kürəsində hava təzyiqi insanın bütün rahatlığını təmin edəcək dərəcədədir. Yerin cazibəsi insanın sümüklərini sındıracaq qədər yüksək, səmaya tullayacaq qədər aşağı deyil. Xülasə, o, bütün cəhətlərdən insana ram edilmişdir. Çox maraqlıdır ki, Allah yerin ram edilən olduğunu qeyd etdikdən sonra insana onun “çiyin”ləri üzərində yeriməyi əmr edir. Yer o qədər sakit və rahatdır ki, insan onun “çiyin”ləri üzərində gəzə və tarazlığını saxlaya bilir.[6] Quşlar qəribə varlıqlardır: Bu ayədə Allahın başqa bir nişanəsinə, yəni quşlar və onların heyrətamiz uçuşuna işarə edilir. Bu ağır cisimlər cazibə qanununun əksinə olaraq yerdən qalxır, göydə asanlıqla uçur, saatlarla, bəzən həftələrlə, aylarla öz hərəkətlərinə davam edir, gah aram-aram, gah da sürətlə yollarına davam edirlər. Bəziləri uçarkən qanadlarını açır, bəziləri isə sürəkli qanad çalır. Dördüncü qrup isə bir müddət qanad çalır, sürət yığmaq üçün isə qanadlarını tamamilə yığır və hava “okean”ında irəli şığıyır. Quşların hamısı uçsa da, onların hər birinin özünəməxsus proqramı var.[7] Tövhid yolunun ayaq üstə dimdik gəzən yolçuları: Bu ayədə kafir və möminlərin vəziyyəti maraqlı bir misalla təsvir edilmişdir. İmansız, inadkar və təkəbbürlü zalımlar hamar olmayan, əyri-üyrü, enişli-yoxuşlu yerdə üzü üstə yerə düşmüş, əlləri və ya sinəsi ilə hərəkət edən, yolu doğru-düzgün görmədən və özünü idarə edə bilmədən, maneələrdən xəbərsiz, çox ləng irəliləyən, gah gedib, gah da duraraq sürünən adama bənzədilmişdir. Mömin isə hamar, təmiz və düz yolda sürətlə, qətiyyətlə, tam məlumatlı şəkildə irəliləyən adama bənzədilmişdir. İmansız insanlar xudbin, eqoist və inadkar olduqları, yalnız öz maddi və keçici mənfəətlərini düşündükləri və nəfsi istəklər yolu ilə getdikləri üçün daşlıqda sinəsi üstə əl-qol atıb sürünən adama bənzəyirlər. İmanları sayəsində nəfslərinin istəklər buxovundan azad olan şəxslər dərin baxışa malikdirlər və onların yolları düz və hamardır.[8] Bəzi hədislərdə İmam Əlinin (ə) imam olduğunu inkar edənlər birinci qrupun mənsublarından hesab edilmişdir.[9] Kafirlər onu (Allahın vədini) yaxından gördükdə üzləri qaralacaq, çirkin görkəm alacaq və onlara: “Sizin durmadan istədiyiniz bax budur!” – deyiləcəkdir. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, kafirlərə ağrılı-acılı əzabdan kim sığınacaq verəcək?” De: “O, rəhman olan Allahdır! Biz Ona iman gətirmiş, Ona təvəkkül etmişik. Tezliklə kimin aşkar azğınlıq içində olduğunu biləcəksiniz.” De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çəkilsə, kim sizə axar və dadlı su gətirə bilər?” [1] Nümunə, c.24, səh.311 [2] Nümunə, c.24, səh.316 [3] Nümunə, c.24, səh.321 [4] Pəyame-Quran, c.3, səh.173 [5] Nümunə, c.24, səh.328 [6] Nümunə, c.24, səh.337 [7] Nümunə, c.24, səh.343 [8] Nümunə, c.24, səh.349 [9] Əl-Mizan, c.19, səh.378

Müsəlmanın həyat tərzi 18.02.2025

Keçmişin yükünü burax və özünü azad hiss et.

Bəlkə də gedən bir şey üçün kədərlənirsən. Amma bir düşün: o şey sənin üçün yük idimi, yoxsa azadlıq? Bəzən sıx-sıx sarıldığımız şeylər, əslində, bizə lazım olmayan ağırlıqlardır. Keçmişi geri qaytarmaq mümkün deyil, amma o, sənin üçün yeni yollar aça bilər. Allah Quranda buyurur: ət-Tovbə surəsi, 51-ci ayə De: “Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” Ağlamaq, bəlkə də, vicdanın təbii bir səsidir. Amma unutma: həyat davam edir. Hər son bir başlanğıc gətirir. Gedənlərə yox, qarşıda açılan yeni qapılara bax. Keçmişin yükünü burax və özünü azad hiss et. Çünki həqiqi azadlıq, həyatın təklif etdiyi fürsətləri qəbul etməkdir.

14-Məsum (Əhli-Beyt) 18.02.2025

Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri;

Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında dünya mütəfəkkirlərinin fikirləri; 1. Corc Jordak (Xristian alim və yazıçı) Corc Jordak Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında belə deyib: “Fatimənin şəxsiyyəti insanlıq aləmində özünəməxsus bir ucalıqdır. Onun fədakarlığı, əzəməti və hikməti hər kəs üçün örnəkdir. O, qadın olmasına baxmayaraq, əxlaq və mənəviyyatda ən yüksək zirvəyə çatmışdır.” 2. Maqrid Adams (Qərb tarixçisi) “Fatimə İslamın təməlində qadının rolunu təsdiq edən bir simvol olaraq dayanır. Onun həyat tərzi, əxlaqi prinsipləri və cəmiyyət üçün göstərdiyi xidmətlər təqdirəlayiqdir.” 3. Louis Massignon (Fransız şərqşünası) Louis Massignon Xanım Fatimeyi Zəhra (s.ə.) haqqında belə yazır: “O, bir mənəvi günəş idi ki, öz parlaq nurunu ailəsinə, cəmiyyətinə və gələcək nəsillərə çatdırdı. Fatimənin həyatı İslamın qadına verdiyi dəyərin ən gözəl nümunəsidir.” 4. Edward Gibbon (İngilis tarixçisi) “Fatimə, qadınlıq keyfiyyətlərini yüksək səviyyəyə qaldıran bir şəxsiyyətdir. Onun təvazökarlığı, gücü və ədaləti, tarixdə ən müstəsna simalardan biri kimi qalır.” 5. Muhammad Hamidullah (İslam tarixçisi və hüquqşünas) “Fatimeyi Zəhra (s.ə.) İslam qadınının necə olmalı olduğunu göstərən bir meyar idi. Onun həyatı həm dini, həm də ictimai baxımdan əvəzolunmaz dərslərlə doludur.” 6. Allama İqbal (Pakistanın milli şairi) Allama İqbal onun haqqında belə deyib: “Fatimə Məhəmməd Peyğəmbərin (s) ali tərbiyəsinin bəhrəsidir. Onun şəxsiyyəti yalnız qadınlar üçün deyil, bütün insanlıq üçün bir dərsdir. O, İslamın ruhaniyyətinin əsil simvoludur.” 7. Thomas Carlyle (İngilis filosof və tarixçi): “Fatimə, Məhəmmədin (s) həyatının ən böyük sübutlarından biridir ki, o, qadına böyük dəyər verirdi. O, qadınlıq ucalığını təsdiqləyən bir simadır.” 8. Dr. Tariq Ramadan (müasir İslam alimi): “Fatimə Peyğəmbərin (s) vəfatından sonra İslamın mənəvi gücünün simvolu oldu. Onun təmiz əxlaqı və fədakarlığı qadınların gücünü göstərir.” 9. Karen Armstrong (İslam tarixçisi): “Fatimənin həyatı, qadınların İslamda mənəvi lider ola biləcəyini göstərir. O, ailəsinin və ümumilikdə İslam cəmiyyətinin sütunu idi.” 10. Henry Corbin (Fransız filosof və şərqşünas): “Fatimə təkcə dini bir simvol deyil, həm də insaniyyətin əxlaqi ideallarını yaşadan bir liderdir.”

Müsəlmanın həyat tərzi 18.02.2025

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün,

11 il oxuyursan, 3 saatlıq imtahana hazır olmaq üçün, Bir ömür yaşayırıq, bir gün torpağa qovuşmaq üçün. Nə mal, nə mülk, nə şöhrət qalır, Sonda hər şey – 7 metr ağ kəfən olur. Uca Allah buyurur: “Siz harada olursunuzsa olun, hətta uca qalalarda olsanız belə, ölüm sizi haqlayacaqdır…” (Nisa, 78). Dünyanın nemətləri əlimizdən axıb gedir, Zamanı saxlamaq mümkünsüzdür, Həyat bir göz qırpımı qədər qısadır, Əbədilik isə – özünlə apardığın əməllərdədir. Unutma: hər bir addım, hər bir an sənin üçün sınaqdı. Ömrünü mənasız xərcləmə, Çünki bu yolun sonu – 7 metr ağ kəfəndir.

Müsəlmanın həyat tərzi 18.02.2025

Nigaran qalma

Nigar Həyat bəzən bizə çətinliklər gətirir, qəlbimizi sıxar, ümidlərimizi qırar. Lakin unutma ki, bu dünya müvəqqətidir, və hər bir çətinliyin ardınca asanlıq gəlir. Qurani-Kərimdə Allah buyurur:Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) əş-Şərh surəsi, 5-ci ayə Bəzən insan özünü çarəsiz, tək və gücsüz hiss edir. Lakin Allahın rəhməti hər şeydən üstündür. Dualarını ürəkdən et, dərdlərini Ona söylə, çünki O, səni eşidir. Unutma ki, bu dünyada hər dərd bir imtahandır, amma heç bir imtahan sonsuz deyil. Nigaran qalma. Hər qaranlıq gecənin bir dan yeri var, hər çətinliyin sonunda bir işıq. Təki Allaha inan və yoluna davam et. Qəlbini Ona aç, O səni heç vaxt tək buraxmayacaq.

Müsəlmanın həyat tərzi 18.02.2025

Şikayətçi olduğun iş, işsiz birinin xəyalıdır

Şikayətçi olduğun iş, işsiz birinin xəyalıdır. Səbrini tükəndirən bir uşaq, uşaqsız bir ailənin ən böyük arzusudur. Çox balaca sandığın ev, küçədə yaşayan evsiz insanların sığınmağa möhtac olduğu bir yerdir. Narahat olduğun təvazökar qənaətlər, borc içində olan bir insanın ehtiyacıdır. Ağır hesab etdiyin sağlamlıq problemləri, ölümcül xəstəliklə mübarizə aparan birinin ümididir. Sahib olduğun hüzur, rahat yuxu və bir tikə yemək, bir çox insan üçün xəyal belə edilə bilməyən bir nemətdir. “Əgər (Allahın nemətlərinə) şükür etsəniz, sizə (nemətlərimi) artıraram. Əgər nankor olsanız, (bilin ki,) Mənim əzabım çox şiddətlidir.” (İbrahim surəsi, 7-ci ayə)

Müsəlmanın həyat tərzi 18.02.2025

Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin.

m Bəzən Allah sənin planlarını pozur ki, onlar sənə zərər verməsin. O, bunu sənə dəfələrlə işarə edib, amma sən fərqinə varmamısan. Bağlanan qapılar uğursuzluq deyil, Allahın səni qoruma üsuludur. “Bəlkə sizə xoş olmayan bir şey sizin üçün xeyirli,sizə xoş gələn bir şey isə sizin üçün zərərli olar. Allah bilir, siz isə bilməzsiniz.” — Bəqərə, 2:216 Sən bədbəxtlik və uğursuzluq saydığın şey, bəlkə də səni daha böyük bəlalardan xilas edib.

Müsəlmanın həyat tərzi 18.02.2025

Əsas odur ki, Allah səndən razı olsun

Nə etsən də, insanlar hər zaman nəsə deyəcəklər: Gözəl geyinsən, “özünü göstərir” deyərlər, Sadə geyinsən, yoxsul hesab edərlər. Sözünü açıq söyləsən, kobud deyərlər, Susub dinləsən, qorxaq adlandırarlar. Uğur qazansan, təkəbbürlü deyərlər, Sadə yaşasan, tənbəl bilərlər. Allah Quranda belə buyurur: (Ya Peyğəmbərim!) Onların (kafirlərin boş, mənasız) sözləri səni kədərləndirməsin. Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur. O, (hər şeyi) eşidəndir, biləndir! (Yunus surəsi, 65-ci ayə) Ona görə də insanların dediklərinə fikir vermə. Əsas odur ki, Allah səndən razı olsun. Çünki O razı olduğu müddətcə, insanların nə düşündüyü heç bir əhəmiyyət daşımır.

Müsəlmanın həyat tərzi 18.02.2025

Həyatda ən böyük güc Allaha təslim olmaqdır.

Həyatda ən böyük güc Allaha təslim olmaqdır. Allaha təslim olduqda insanın üzərindəki yük yüngülləşir, qəlbində rahatlıq və dinclik tapır. İman isə ən qaranlıq anlarda belə, insanı xilas edən bir nurdur. O nuru heç vaxt söndürmə, çünki bu işıq səni həm dünyada, həm də axirətdə xoşbəxtliyə və qurtuluşa aparacaq. Allah Quranda belə buyurur: “Allah iman gətirənlərin dostudur, onları zülmətdən nura çıxarır.” (Bəqərə, 257) Həyatın çətinliklərində bu nura sarıl, çünki o, səni doğru yola yönəldəcək və qəlbinə ümid bəxş edəcək.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...