Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri

Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi. İmam Hüseynin (ə) hərəmindən alma iyinin gəlməsinin sirrini hədislər vasitəsiə açıqlamaq mümkündür. Ümmü Sələmə deyir: “Həsən və Hüseyn Peyğəmbərin (s) yanına gəldilər. Bu zaman Cəbrail də Peyğəmbərin (s) yanında idi. Cəbrail Dihyə Kəlbinin surətində idi. Həsən və Hüseyn onu Dihyəyə oxşatdılar. Cəbrail səmaya tərəf işarə etdi. Elə bil, nəyisə götürmək istəyirdi. Sonra birdən gördüm ki, onun əlində alma, heyva və nar var. Onların hamısını Həsən və Hüseynə verdi. Onların nurani üzü işıqlandı. Sevinə-sevinə babalarının yanına gəldilər. Peyğəmbər (ə) onları öpdü və buyurdu: İndi evinizə gedin və evdə əvvəl atanızın yanına gedin. Onlar Peyğəmbər deyən kimi əməl etdilər. Peyğəmbər (s) onların yanına gələnə qədər alma, heyva və narı yemədilər. Həzrət gəldikdən sonra birlikdə oturub o meyvələrdən doyunca yedilər. Nə qədər yesələr də meyvələrin heç birindən azalmırdı və əvvəlki vəziyyətinə qayıdırdı. Peyğəmbər (s) dünyadan gedənə qədər belə oldu. Fatimeyi-Zəhra da dünyada olduğu zaman meyvələrdən heç nə azalmadı. İmam Hüseyn (ə) buyurur: “Anam dünyadan gedəndə nar yoxa çıxdı. Alma və heyva isə atamın zamanında qalırdı. Atam Əli (ə) şəhid olduqdan sonra heyvanı görmədim və ancaq alma öz şəklində qalmışdı. (Kərbəlada) su içmək mənə qadağan olduqdan sonra hər vaxt almanı iyləsəydim, susuzluğum aradan qalxırdı. Ölümüm yaxınlaşanda almanın dəyişildiyini gördüm. Şəhid olacağıma əmin oldum”. İmam Səccad (ə) buyurur: “Atam bu mövzunu şəhid olmazdan bir saat qabaq danışdı. Atam şəhid olduqdan sonra almanın iyi qətligahdan gəlirdi. Alma iyinin ardınca getdim, ancaq ondan bir əsər tapa bilmədim. Amma bu iy həmişə qaldı. Mən o həzrətin qəbrini ziyarət edəndə almanın iyi qəbirdən gəlirdi. Bizim şiələrimizdən olan hər bir ziyarətçi o almanın iyindən faydalanmaq istəsə, səhər (sübh namazından qabaqkı vaxt nəzərdə tutulur) vaxtı ziyarətə gəlsin. Əgər ixlaslı olsa, almanın iyidən bəhrələnəcək”. Qaynaq: “Mənaqibi Ali Əbi Talib (ə)”, c. 391. “Biharul-ənvar”, c. 43, səh. 289. Hazırladı: Seyid Zahir

İmam Hüseyn (ə) 18.01.2025

İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR

  İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR — (yeddinci hissə) 45. Üməyyə ibn Səd ibn Zeyd Tai Kufədən idi, Həzrət Əlinin (ə) tərəfində Süffeyn savaşında fəal iştirak etmişdi. Şücaətli pəhləvan kimi tanınırdı. Məhərrəm ayının 8-də Kərbəla səhrasında İmamın dəstəsinə qoşulmağa müvəffəq olmuşdu. 46. Zahir Bəni-Kində qəbiləsindəndir. Həzrət Əlinin (ə) yaxın silahdaşlarından olan Əmr ibn Həmiq Xüzainin ahıl yaşlı qulamı idi. Zahir Peyğəmbəri dərk etmişdi, ondan hədis söyləyirdi. Şəcərə beyətində iştirak etmişdi. Əmr ibn Həmiq Müaviyyənin əlindən qaçarkən, Zahir də onu müşayiət edirdi. Müaviyyənin adamları yolda onların izinə düşürlər. Əmr ibn Həmiq Zahirdən xahiş edir ki, onu buraxıb özünü xilas etsin. Zahir gizlənib xilas olur. Təqibçilər Əmri şəhid edib gedirlər. Zahir gizləndiyi yerdən çıxıb Əmrin cəsədini dəfn edir, sonra Məkkəyə gəlib İmam Hüseynə (ə) qoşulur. Zahir İmamla birlikdə Məkkədən çıxıb Kərbəlaya kimi onu müşayiət etmiş və Aşura günü ilk düşmənin həmləsindən müdafiə zamanı şəhadətə çatmışdır. 47. Zirğamə ibn Malik Təğlibi Kufədə yaşayırdı. Müslim ibn Əqilin qiyamında iştirak etmiş, onun şəhadətindən sonra niyyətini gizlədərək, Ömər ibn Sədin qoşununa qatılıb Kərbəlaya gəlmişdi. Kərbəlada onlardan ayrılıb İmam Hüseynin (ə) dəstəsinə qoşuldu. Bəzi mənbələrdə onun ilk həmləni dəf edərkən deyil, günortadan sonra təkbətək savaşda şəhid olduğu göstərilib. 48. Züheyr ibn Bişr Xəsəmi Onun barəsində tarix kitablarında ətraflı məlumat verilmir. Bəziləri (məsələn, mərhum Əllamə Şeyx Mühəmməd Mehdi Şəmsüddin) onu Züheyr ibn Süleym Əzdi ilə eyni şəxs hesab etmişlər. 49. Züheyr ibn Süleym ibn Əmr Əzdi Özü və ailəsi Əhli-beytin tərəfdarı kimi tanınmışdı. İmam Hüseynə (ə) qoşulmaq məqsədilə Ömər ibn Sədin qoşununun tərkibində Kərbəlaya gəlmiş və Aşura gecəsində özü ilə eyni fikirdə olan kiçik bir dəstə ilə (32 nəfər) qoşundan ayrılıb Imama qoşulmuşdu. 50. Əmr ibn Abdullah Cündəi Bəni-Həmdan qəbiləsindən idi, Kərbəlada İmam Hüseynə (ə) qoşulmuşdu. Bəzi tarixçilər onu Əbu Sümamə Saidi ilə eyni adam hesab etsələr də, zənnimizcə, bu fikir həqiqətə uyğun deyildir. Əmr ibn Abdullah Cündəi Aşura günündə mərdliklə döyüşüb, başından ağır yaralandı. Qohumları onu döyuş meydanından çıxarıb apardılar. Bir il ərzində müalicə olunsa da, faydası olmadı. Kərbəla faciəsindən düz bir il sonra həmin yaradan vəfat etdi. 51. Abdullah ibn Bişr Xəsəmi Bəziləri adını Abdullah ibn Bəşir kimi yazmışlar. Həm atası, həm də özü İslam fəthlərində fəal iştirak etmişdi. Kərbəlada İmam Hüseynə (ə) qoşulmuş və ilk həmləni dəf edərkən şəhid olmuşdu. *** Düşmənin ilk həmləsi dəf edildikdən sonra İmam Hüseyn (ə) öz şəhid olan silahdaşlarının cəsədlərini döyüş meydanından çıxarıb, çadırların yanına gətizdirdi. Sonra İmam əlini saqqalına çəkib buyurdu: “Yəhudilər: “Allahın övladı var”, – söylədikdə Allah onlara qəzəbləndi. Məsihilər: “Allah üçdən biridir”, – deyəndə Allah onlara qəzəb etdi. Məcusilər (atəşpərəstlər) Günəşə və Aya pərəstiş edəndə Allahın qəzəbinə düçar oldular. Həmçinin, Allah, onun peyğəmbərinin nəvəsini öldürmək üçün əl-ələ verib birləşmiş qövmə qəzəbləndi. Allaha and olsun ki, onların istəyini yerinə yetirməyəcəyəm (yəni Yezidə beyət etməyəcəyəm), öz qanıma bələnmiş halda Allahın hüzuruna gedəcəyəm!” (növbəti bölümlərdə təkbətək savaşlarda şəhid olanlar haqqında məlumat veriləcək) NATİQ RƏHİMOV

İmam Hüseyn (ə) 18.01.2025

İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır?

  16 mühərrəm İmam Hüseynin (ə) qəbrini kimlər dağıtmışdır? ***************************************************** Niyə Kərbəlaya “Hair” deyirlər? *********************************** İmam Hüseynin (ə) qəbri üzərində ilk 5 il ərzində tikili olmamışdır. Məzar açıq səma altında qalmışdı. Kərbəla şəhidlərinin cənazəsini dəfn edən Bəni-Əsəd qəbiləsinin üzvləri İmamın məzarının əlaməti olaraq, qəbrin yanında sidr ağacı əkmişdilər. Mübarək qəbrin üzərində ilk türbəni hicri 66-cı ildə (Kərbəla faciəsindən 5 il sonra) Muxtar tikdirmişdir. Bəni-Üməyyə xəlifələri Əhli-beytlə nə qədər düşmənçilik etsələr də, İmam Hüseynin (ə) məzarına zərər yetirməyə cəsarət etmədilər. Abbasi xəlifəsi Harun ər-Rəşid hakimiyyətə gələndən sonra məqbərəni sökdürdü, müqəddəs məzarın yaxınlığında əlamət kimi əkilmiş sidr ağacını kəsdirdi. *** Məmun xilafət ərazisini bürümüş üsyanları sakitləşdirmək məqsədilə İmam Rzanı (ə) vəliəhd təyin etdikdən sonra İmam Hüseynin (ə) qəbri üzərində böyük türbə tikdirdi. Lakin onun qardaşı oğlu xəlifə Mütəvəkkil təqribən 40 ildən sonra müqəddəs məzarın yerini nişan verən hər bir əlamətin dağıdılmasına əmr verdi. Tarixçilər Mütəvəkkilin üst-üstə 17 dəfə Kərbəla ziyarətgahını dağıtdığını, lakin hər dəfə camaatın məqbərəni bərpa etdiyini yazırlar. İmam Hüseynin (ə) məzarına qarşı xəyanətlər hicri 236-cı ildən Mütəvəkkilin ölüm tarixi olan hicri 247-ci ilə kimi davam etmişdir (miladi 850-861-ci illər). *** Mütəvəkkilin Kərbəla ziyarətgahını dağıtmaq fikrinə düşməsini bəzi tarixçilər onun sevimlisi olan müğənni qadının şiə məzhəbinə keçib, Kərbəlanı ziyarət etməsi ilə izah etmişlər. Xəlifə bu hadisədən dəhşətə gələrək, məzarı sökdürməyə əmr verir. Hökumət məmurlarından heç kim belə ağır cinayətin yükünü öz öhdəsinə götürmək istəmədiyindən, Diyzəc adlı yəhudini bu işə təhkim etdilər. Mütəvəkkil göstəriş vermişdi ki, İmam Hüseynin (ə) məqbərəsini dağıdıb məzarını yerlə-yeksan etsinlər, ətrafdakı binaları uçursunlar, torpağı şumlayıb Fürat çayının suyunu ora yönəltsinlər ki, müqəddəs yerlər tamamilə suyun altında qalıb itsin. Lakin əksəriyyəti yəhudilərdən ibarət olan fəhlə dəstəsi yalnız məzarın üzərindəki tikilini sökə bildi. Fövqəl-təbii qüvvələrin maneçiliyi sayəsində onlar İmam Hüseynin (ə) məzarına qarşı heç bir hörmətsizlik edə bilmədilər. Fəhlələr öküzlərə kotan qoşub, torpağı şumlamaq qərarına gəldilər. Lakin heyvanlar müqəddəs məzara yaxınlaşmaq istəmir, fəhlələrə tabe olmurdular. Sanki kimsə onları qovub məzardan uzaqlaşdırırdı. Əlacsız qalan məmurlar Füratın suyunu məzarın üstünə yönəltdilər. Lakin su məzarın yaxınlığına kimi irəlilədi, sonra divarla qarşılaşırmış kimi dayandı. Sanki məzarın ətrafına dairəvi sədd çəkilmişdi. Bu dairə boyunca su qalxır və səviyyəsi yüksəlirdi. Gözügörünməz səddin o biri tərəfinə bircə damcı da su keçmədi. Bu hadisənin şərəfinə həmin ərazini “hair” adlandırmağa başladılar. Yəni bu yerdə su heyran olurmuş kimi öz yerində durmuşdu. (Ümumilikdə, Kərbəla şəhərinə də “hair” deyirlər; bu şəhərdə doğulmuş və yaşayıb-yaratmış bir çox alimlər “Hairi” ləqəbi ilə tanınıblar). Kərbəlanı dağıtmağa təhkim olunmuş yəhudi Diyzəc buradakı möcüzələri öz gözü ilə görəndən sonra İslamı qəbul etdi. Mütəvəkkil Kərbəlaya gedən yolların üstündə gözətçilər yerləşdirmişdi ki, camaatın ziyarətə gəlməsinə mane olsunlar. Bütün şəhərlərdə car çəkildi ki, İmam Hüseynin (ə) məzarını ziyarət etməyə gedənlərin qanı halaldır. Əsgərlər zəvvarları saxlayıb yarıyoldan geri qaytarır, qarət edir, incidib döyür, hətta öldürürdülər. Lakin bu tədbirlərin heç biri ziyarətçilərin qarşısını almağa qadir deyildi. Müsəlmanlar çox zaman gecə vaxtı əsgərlərin yatmasından istifadə edib özlərini müqəddəs məzara çatdırır və bu məkanı unudulmağa qoymurdular. *** Mütəvəkkilin oğlu Müntəsir atasını öldürüb hakimiyyətə yetişdikdən sonra Kərbəlaya sayğı ilə yanaşmağa başladı. Onun əmri ilə məzarın üzərində iri məqbərə tikildi. Müsəlmanlar tədricən İmam Hüseynin (ə) məzəranın ətrafında məskunlaşır və Kərbəlanı yaşayış məskəninə çevirirdilər. Kərbəlada məskunlaşmış ilk şəxslərdən biri də İmam Musa Kazimin (ə) nəvəsi Seyid İbrahim Mücab idi. Natiq Rəhimov  

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə

İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə . 1- Qurani-Kərimin 19-cu surəsi “Məryəm” surəsidir. Bu surədə xanım Məryəmin həyatı və məqamları barədə geniş məlumatlar olduğu üçün surə onun adına adlandırılmışdır. 2- Məryəm surəsinin 1-ci ayəsi “Müqəttəə” hərfləri ilə başlayır. Müqəttəə sözünün mənası “ayrı-ayrı”, “hissə-hissə” mənalarındadır. Ərəb dili hərflərinin əlifba şəkilində oxunmasına “müqəttəə” deyilir. Məsələn: 36-cı surə Yasin surəsidir. Bu surə Y və S hərfləri ilə başlayır. Y ərəb əlifbasında “ya”, S isə ərəb əlifbasında “sin” adlanır. Yasin surəsini oxuyanda ys deyilmir, “ya” “sin” oxunur. Bu cür oxunuşa “müqəttəə” hərfləri deyirlər. 3- Qurani-Kərimdə mövcud olan 114 surənin 29-u müqəttəə hərləri ilə başlayır. O surələrin biri də “Məryəm” surəsidir. Məryəm surəsi ərəb əlifbasının 5 hərifi ilə başlayır. كهيعص “Kaf” “Ha” “Ya” “Əyn” “Sad” (yəni – K-H-Y-Ə-S ) 4- Səd ibn İbrahim əl-Qummi deyir: Mən Samirra şəhərinə imam Həsən Əskəri əleyhissalam ilə görüşməyə getmişdim. İmama dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bunu mənim oğlumdan soruş. Məndən sonra o, sizin imamınız olacaqdır. Bu vaxt 5 yaşlı uşaq gördüm. İmam Həsən Əskəri əleyhissalam buyurdu: -Bu mənim oğlum Mehdi əleyhissalamdır. Sualını soruş. Mən dedim: Ya İmam, mənə Məryəm surəsinin 1-ci ayəsindəki 5 hərfin mənasını izah edin. İmam Mehdi əleyhissalam buyurdu: ” O hərflər, yəni Kaf Ha Ya Əyn Sad hərfləri qeybi xəbərlərdəndir. Xanım Məryəmi tərbiyə edən Zəkəriyya peyğəmbər Allah Taaladan istədi ki, Adəm peyğəmbəri və bir çox peyğəmbərin adlarını çəkdikləri 5 kimsənənin adlarını ona desin. Allah Taala buyurdu: Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn. Zəkəriyya peyğəmbər bir-bir o adları tələffüz etməyə başladı və dedi: -İlahi, mən Məhəmməd, Əli, Fatimə, Həsən adlarını deyəndə qəlbim şad və sevinç içində olurdu, amma Hüseyn adını çəkəndə gözlərim yaşardı, qəlbim qəm-qüssə ilə doldu. Bunun səbəbi nədir? Allah Taala buyurdu: Hüseyn(ə) sonuncu və ən fəzilətli peyğəmbər olan Məhəmmdin(s) övladıdır. Onu Kərbəlada faciəli şəkildə şəhid edəcəklər. Onda Allah Taala bu hərləri nazil etdi, həzət Zəkəriyyaya və buyurdu: Kaf (K) yəni Kərbəla, Ha (H) yəni onlar həlak olacaqlar, Ya yəni Yezid adlı zalımın əmri ilə, Əyn (Ə) yəni ətşan və susuz halda, Sad (S) yəni onlar bütün əzab və əziyyətlərə Məna xatir Səbr edəcəklər. Ona görədir ki, sən Hüseynin adını çəkəndə qəmləndin, gözlərin yaşardı. Zəkəriyya peyğəmbər dedi: -İlahi, mənə də bir oğul ver ki, o da imam Hüseyn əleyhissalama oxşasın. Onun kimi olsun. Allah Taala həzərt Zəkəriyya peyğəmbərin duasını qəbul etdi, və ona Yəhya peyğəmbəri bəxş etdi. Yəhya peyğəmbər yer üzündə Allahın dinini inamla yaymağa başladı. Zalım və zinakar padşahın əmri ilə Yəhyanı əzab və əziyyətlə öldürdülər, başını kəsib zalım padşaha apardılar… Allah Taala imam Hüseyn əleyhissalam xatirinə bizləri kamil imanlı möminlərdən qərar versin. Bu dünyada 14 məsumun ziyarətlərini, Axirətdə isə şəfaətlərini nəsib etsin. Rza Əzizoğlu İrəvani

İmam Hüseyn (ə) 17.01.2025

KƏRBƏLA TÜRBƏTİNİN MÖCÜZƏSİ (foto)

*** Rəsuli-əkrəm (s) öz həyat yoldaşı Ümmu-Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Peyğəmbər Ümmu-Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ümmu-Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ümmu-Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir gün torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi mühərrəm ayının 10-na, yəni Aşura gününə təsadüf edibmiş. *** Mənbə: Təbərani – “Əl-Möcəmül-kəbir”, cild 3, səh. 114. İbn Əsir – “Əl-Kamil fit-tarix”, cild 3, səh. 443. Heysəmi – “Məcməüz-zəvaid”, cild 9, səh. 189. İbn Həcər Əsqəlani – “Təhzibüt-Təhzib”, cild 2, səh. 347. İbn Həcər Heysəmi – “Əs-Səvaiqül-mühriqə”, XI bab, 30-cu hədis. Mühibbüddin Təbəri – “Zəxairül-üqba”, səh. 251. İbn Həmzə – “Əs-Saqib fil-mənaqib”, hədis 272. Şeyx Mufid – “Əl-İrşad”, cild 2, VII bab, hədis 7. Şeyx Səduq – “Əmali”, məclis 29, hədis 1 və 4 və sairə mənbələr (cild və səhifələri yoxlanılıb). Qeyd: (Bu xüsusiyyət əsil və qarışıqsız Kərbəla türbətinə aiddir. Müasir Kərbəla möhürləri bu xüsusiyyətə sahib deyil).   Məlumat üçün bunu da bildirim ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsil Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan “Hövzə” jurnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

İmam Hüseyn (ə) 17.01.2025

Biz Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik

BİZ HÜSEYN İBN ƏLİNİN (Ə) YOLUNU GETMƏLİYİK «Mən Hind xalqı üçün yeni bir ideya ərməğan gətirməmişəm. «Ya azadlıq, ya ölüm!» şüarı, Kərbəla qəhrəmanı Hüseynin (ə) həyatı barəsində apardığım araşdırmaların nəticəsidir ki, onu, bütün hindlilərə hədiyyə etdim. Biz Hind millətinin qurtuluşunu istəyiriksə, Hüseyn ibn Əlinin (ə) yolunu getməliyik.» İstifadə olunmuş mənbələr:   M. Əkbərzadə, «Hüseyn xalq rəhbəri kimi», səh. 30

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn (ə) Tomas Karlilin baxışında

İmam Hüseyn (ə) Tomas Karlilin baxışında «Kərbəla faciəsinin ən böyük ibrəti budur: Hüseyn (ə) və onun silahdaşları Allaha olan yenilməz imanı sayəsində, öz layiqli əməlləri ilə sübut etdi ki, qoşunun, silahın çox olması insanın mə`nəvi qüdrəti müqabilində heç də həll edici rol oynamır. Silahdaşının sayı az olmasına baxmayaraq, Hüseynin (ə) zülmə qələbə çalması məni olduqca heyrətləndirir.» İstifadə olunmuş mənbələr:   Kermani,«On dörd məsumun həyatı», səh. 183

İmam Hüseyn (ə) 17.01.2025

Ayətullah Bəşirin İmam Hüseyn (ə) haqqında maraqlı açıqlaması

“Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər” Təqlid mərcələrindən olan Ayətullah Şeyx Bəşir Nəcəfi Elmi Hövzənin tələbələri qarşısında çıxışında Əhli-Beytə (ə) sevginin təsiri haqqında gözəl bir məsələyə toxunub və özünün araşdırmalarından gəldiyi nəticəni açıqlayıb: “Neçə il idi ki, “Zümər” surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi. “Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər”. (“Zümər” surəsi, ayə 73). Başqa sözlə, möminləri çənnətə tərəf çəkib apararlar. Özümdən soruşdum: nə üçün möminləri “cənnətə tərəf çəkərlər” ifadəsi işlənilmişdir? Bütün kitablara və təfsirlərə baxdım, amma bir cavab tapa bilmirdim. Nəhayət, bir gün “Biharul-ənvar”da İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayət gördüm. Rəvayətdə İmam Sadiq (ə) buyurur: “Seyyidüş-şühəda İmam Hüseynin (ə) dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, cənnətə daxil olmazdan öncə mövlaları Hüseynlə (ə) görüşsünlər. İmam (ə) öz sevərlərinin görüşünə gələr və bu görüş çox uzanar. Hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də Seyyidüş-şühədanın (ə) dostları öz mövlalarından könül üzərlər. Görüş o qədər uzanar ki, Allah cənnət məmurlarına buyurar: “Bu görüşə son qoymaq üçün bu möminləri və Hüseynimin dostlarını cənnətə tərəf çəkin”. Bu, möminlərin ürəyində İmam Hüseyn (ə) sevgisinin gözəlliyinin əlamətidir.

Namaz 17.01.2025

Ayat namazı necə qılınır? – QAYDA

Ayat namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır: Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayat namazının vacib olmasına səbəb olmaz. Namazın qılınma qaydası bu cürdür: 1. Niyyətdən sonra təkbir deyilir, tam şəkildə bir Həmd və surə oxunur, rükuya gedilir. Rükudan qalxdıqdan sonra yenidən bir tam Həmd və surə oxunur, yenə rükuya gedilir. Bu qayda ilə beş dəfə Həmd və surə oxunur, beş rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də birinci rəkət kimi qılınır və səcdələrdən sonra təşəhhüd və salam oxunur. 2. Niyyət və təkbirdən sonra Həmd oxunur, surənin ayələri beş hissəyə bölünür. Birinci hissədən sonra rükuya gedilir və rükudan qalxdıqdan sonra ikinci hissə deyilir. İkinci hissə deyildikdən sonra ikinci dəfə rükuya gedilir. Beləcə surənin hər hissəsi oxunduqdan sonra bir rüku yerinə yetirilir. Məsələn, “Həmd”dən sonra “İxlas” surəsi oxunacaqsa, İxlas surəsi beş hissəyə bölünür: “Bismillahir rəhmanir rəhim”, “Qul huvəllahu əhəd”, “Əllahus-səməd” “Ləm yəlid və ləm yuləd”, “və ləm yəkun ləhu kufuvən əhəd”. Hər hissə deyildikdən sonra bir rüku yerinə yetirilir. Beşinci rükudan sonra iki dəfə səcdə edilir və ayağa qalxmaqla ikinci rəkətə başlanılır. İkinci rəkət də eyni qaydada qılınır, sonra təşəhhüd və salam oxunur. Ayətullah Seyyid Əlinin fətvasına əsasən, (Bismillahir-rəhmanir-rəhim , surənin tərkib hissəsi olmadığından) ixlas surəsi bu qaydada beş yerə bölünməlidir: 1. “Bismillahir rəhmanir rəhim, Qul huvəllahu əhəd”,  2. “Əllahus-səməd”,   3. “Ləm yəlid”,  4. “və ləm yuləd”,  5. “və ləm yəkun ləhu kufuvən əhəd”. Ayat namazının bir rəkətini birinci, ikinci rəkətini o biri qayda ilə qılmaq olar. Ayat namazı haqqında digər suallara buradan cavab tapa bilərsiz. Qeyd edək ki, Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.  Günəş, yaxud Ay tutulması başa çatdıqdan sonra namaz qəza olur və onu qəza ayat namazı niyyəti ilə qılmaq lazımdır.

İmam Hüseyn (ə) 17.01.2025

İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı

İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi Həsən Bəsri deyir: İmam Hüseyn (ə) zahid, təqvalı, saleh və gözəl əxlaqlı insan idi. Bir gün dostları ilə birlikdə öz bağına getdi. Onun Safi adlı qulamı həmin bağda idi. İmam (ə) bağa çatanda görür ki, qulamı oturub və boğçasından bir tikə çörək çıxarır, onun yarısını itə verir və yarısını özü yeyir. Qulam yeməyi qurtardıqdan sonra əlini duaya qaldıraraq deyir: “Əlhəmdu lillahi rəbbil-aləmin”. Sonra deyir: “İlahi, məni və mənim ağamı bağışla, onu bərəkətli et, necə ki, onun ata-babalarına bərəkət vermişdin. Ey rəhimlilərin rəhimlisi!” İmam Hüseyn (ə) səslədi: Ey Safi! Qulam hərasan halda dərhal yerindən qalxıb dedi: Ey sərvərim və qiyamət gününə kimi bütün möminlərin sərvəri! Bağışla, səni görmədim. Həzrət buyurdu: Ey Safi! Məni halal et! Səndən icazə almadan bağına daxil oldum. Qulam (təəccüblə) dedi: Ey mənim ağam! Bu sizin fəzilət, kərəm və böyüklüyünüzdəndir ki, belə deyirsiniz. İmam (ə) buyurdu: Çörəyinin yarısını itə atdığını, yarısını da özün yediyini gördüm. Nə üçün belə edirdin? Safi dedi: Mənim ağam! Mən yemək yeyəndə bu it mənə baxırdı. Onun baxışından utandım. Çünki bu it sizindir və sizin bağınızı düşmənlərin ziyanından qoruyur. Mən sənin qulunam, bu it də sizindir. Hər ikimiz birlikdə sənin ruzindən yeyirik. İmam (ə) qulamın bu sözünü eşidəndə ağladı. Sonra buyurdu: İndi ki, belədir, mən səni Allah yolunda azad etdim və min dinar sənə bağışladım. Qulam dedi: İndi ki, məni bağışladın, mən də qalıb sənin bu bağında işləmək istəyirəm. İmam (ə) buyurdu: Kərim adam bir söz dedikdə onu əməli ilə təsdiq etməsi yaxşıdır. Bağı da sənə bağışladım. Mən bağa daxil olanda sənə dedim ki, məni halal et. Çünki icazəsiz sənin bağına daxil oldum! Bağı və bağda olan hər bir şeyi sənə bağışladım. Təkcə yanımdakı dostlarımın yeyəcəyi meyvə və xurmadan başqa. Onları qonaq kimi qəbul et və mənə xatir, onlara hörmət et. Allah qiyamət günü səni əziz etsin, gözəl əxlaqını və ədəbini artırsın. Qulam dedi: Sən bağı mənə bağışladın, mən də onu sənin dostlarına vəqf edirəm. Mənbə: Seyid Vəli ibn Nemətullah Hüseyni Rəzəvi, “Məcməul-bəhreyn fi mənaqibil-sibteyn”, c. 1, səh. 395-396.

İmam Hüseyn (ə) 17.01.2025

İmаm Hüsеyndən (ә) 10 hәdis

Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir. “Әgәr üç şеy оlmаsаydı, bәşәr hеç nәyin qаrşısındа әyilmәzdi: 1. Kаsıblıq; 2. Хәstәlik; 3. Ölüm.” (“Nәzәhәtun-nаzir”, sәh. 80.) “Sаlаmın yеtmiş sаvаbı vаr. Оnun аltmış dоqquzu sаlаm vеrәnin biri isә sаlаmın cаvаbını аlаnındır.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 120.) “Hәr kәs оnu mәşhur еdәn bir pаltаr gеysә, Аllаh qiyаmәtdә оnа оddаn pаltаr gеyindirәr.” (“Furui kаfi”, sәh. 445.) “Üzrә sәbәb оlаn işlәrdәn pәhriz еdin. Çünki mömin nә pis iş görәr, nә dә üzr istәyәr. Аmmа münаfiq isә hәr gün pis iş görәr vә sоnrа dа üzr istәyәr.” (“Tuhәfül-üqul”, sәh. 253.) “Mәn göz yаşı üstә öldürülmüşәm. Еlә bir mömin tаpılmаz ki, mәni yаd еdib müsibәtimә аğlаmаsın.” (“Müstәdrәkul-vәsаil”, c. 1, sәh. 311.) “Kim istәyir ki, әcәli tәхirә düşsün vә ruzisi çохаlsın, silеyi-rәhm еtmәlidir.” (“Uyuni-әхbаrir-Rzа” (ә) c. 2, sәh. 48.) “Hәr kim Аllаhın rаzılığını cаmааtın qәzәbi ilә qаzаnsа, Аllаh оnu cаmааtа möhtаc еtmәz. Hәr kim cаmааtın rаzılığını Аllаhın rаzılığındаn üstün tutsа, Аllаh-tәаlа оnu cаmааtа tаpşırаr.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 126.) “Pеyğәmbәr (s) duа еdәndә miskinin birinә әl аçdığı kimi әllәrini sәmаyа qаldırıb duа еdәrdi.” (“Bihаrul-әnvаr”, c. 78, sәh. 282.) “Cаmааt dünyаnın quludur. Dini yаlnız dillәrindә zikr еdirlәr vә оnu dünyәvi işlәrini tәmin еdәnә qәdәr qәbul еdirlәr. Аmmа çәtinliklә üzlәşәndә dindаrlаrın sаyı аzdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 316.) “Qәnаәt, cismin rаhаtlığıdır.” (“Mizаnul-hikmәt”, c. 3, sәh. 282.)

İmam Hüseyn (ə) 17.01.2025

İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA

Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar.” Peyğəmbərin (s) səhabəsi Salman deyir: ”Peyğəmbəri (s) gördüm ki, oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş edir və belə buyururdu: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir.” Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm.” Həmçinin buyurub: “Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib.” (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) ÜMMÜL-FƏZLİN YUХUSU VƏ ONUN TƏBİRİ İbn Səd “Ət-təbəqat” kitabında Abdullah ibn Bəkr ibn Həbib Səhmidən, o da Hatəm ibn Sənədən Abbas ibn Əbdül-Müttəllibin həyat yoldaşı Ümmül-Fəzlin belə dеdiyini nəql еdir: “İmam Hüsеynin (ə) təvəllüdündən qabaq, bir gеcə yuхuda gördüm ki, Pеyğəmbərin (s) bədənindən bir parça ət ayrılıb, ətəyimə düşdü. Mən onun təbirini Peyğəmbərdən (s) soruşduqda, o həzrət buyurdu: “…Tеzliklə qızım Fatimənin (s) oğlu olacaq və süd vеrmək üçün onu sənə tapşıracağam.” Bir müddət kеçdi. Bir gün Fatimənin (s) oğlu oldu və onu mənə tapşırdılar. Mən də onu Peyğəmbərin (s) yanına apardım. Həzrət uşağı öz dizinin üstünə qoyub öpdü. Bu zaman uşaq Pеyğəmbərin (s) paltarını islatdı. Mən uşağı Pеyğəmbərin (s) qucağından kobudcasına götürdüm. Uşaq ağladı. Peyğəmbər (s) qəzəblə buyurdu: “Yavaş, еy Ümmül-Fəzl! Mənim paltarım yuyulub təmizlənəcək. Sən isə övladımı narahat еtdin.” Mən uşağı yеrə qoyub, su gətirmək üçün otaqdan çıхdım. Qayıtdıqdan sonra Peyğəmbərin (s) ağladığını görüb soruşdum: “Еy Allahın Rəsulu, niyə ağlayırsınız?” Pеyğəmbər (s) buyurdu: “Bir az öncə Cəbrail gəlib хəbər vеrdi ki, ümmətim bu övladımı öldürəcək!” Hədis alimləri bеlə nəql еdirlər: “İmam Hüsеynin (ə) ömründən bir il kеçmişdi. On iki mələk Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ya Mühəmməd (s)! Qabil (qardaşı) Habilə zülm еtdiyi kimi, övladın Hüsеynə də zülm еdəcəklər. Habilə vеrilən savab kimi, ona da savab vеriləcək və onu öldürənlərin əzabı Qabilin əzabı kimi olacaq.” Bu zaman bütün səma mələkləri Peyğəmbərin (s) hüzuruna gəlib, Hüsеynin (ə) gələcəkdə öldürüləcəyi üçün o həzrətə başsağlığı vеrir, onun şəhadətinin əvəzində Allah-Taalanın təyin еtdiyi savabı Pеyğəmbərə (s) хəbər vеrir və imam Hüsеynin (ə) qəbrinin türbətini o həzrətə göstərirdilər. Pеyğəmbər (s) bu zaman buyurdu: “İlahi, oğlum Hüsеyni хar еdənləri хar еt! Hüsеynimi öldürəni öldür və onu öz məqsədinə çatdırma!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 6-7) VƏHY MƏLƏYİ CƏBRAİLİN İMAM HÜSЕYNİN (Ə) ŞƏHADƏTİNDƏN ХƏBƏR VЕRMƏSİ İmam Hüsеynin (ə) iki yaşı var idi. Pеyğəmbər (s) səfərə gеdirdi. O həzrət yolda birdən ayaq saхlayıb buyurdu: إنا لله و إنا إليه راجعون “Biz Allah tərəfindən gəlmişik və Ona tərəf də qayıdacağıq!” Pеyğəmbər (s) bunu dеyib ağladı. O həzrətdən ağlamağının səbəbini soruşduqda buyurdu: “İndi Cəbrail “Fərat” çayının yaхınlığında olan bir yеr barəsində mənə məlumat vеrdi. O yеrin adı Kərbəladır və orada oğlum Hüsеyni (ə) qətlə yetirəcəklər.” Soruşdular: “Еy Allahın Rəsulu (s)! Onu kim qətlə yetirəcək?” Buyurdu: “Oğlum Hüsеyni (ə) Yеzid adlı bir şəхs qətlə yetirəcək. Еlə bil, indi onun qətlə yetirilən və dəfn olunan yerini öz gözümlə görürəm.” Peyğəmbər (s) səfərdən qəm-qüssə içində qayıtdıqdan sonra minbərə çıхıb хütbə söylədi və xalqa moizə еtdi. Sonra sağ əlini imam Həsən (ə), sol əlini isə imam Hüsеynin (ə) başına qoyub, üzünü göyə tutaraq dеdi: “İlahi, Mühəmməd Sənin bəndən və pеyğəmbərin, bu iki nəfər isə mənim Əhli-bеytimin pakları və nəslimin sеçilmişləridir! Onlar ümmətimin arasında mənim canişinimdirlər. Cəbrail mənə хəbər vеrdi ki, bu övladımı (Hüseyni) məzlumcasına qətlə yetirəcəklər. İlahi, şəhadəti ona mübarək еt, onu şəhidlərin sərvəri seç, onu öldürən və хar еdənləri xar və zəlil et!” (“Lühuf”, Seyid ibn Tavus, səh. 8-9) Ümmü Sələmə belə nəql edir: “Bir gün Peyğəmbər (s) mənim evimdə ikən Hüseyni (ə) qucağına alıb ağlayırdı. Soruşdum: “Ya Rəsulullah! Nə üçün ağlayırsan? Həzrət buyurdu: “Cəbrail bu uşağın şəhid olacağını mənə xəbər verdiyi üçün ağlayıram.” Sonra Peyğəmbər (s) mənə bir az torpaq verib buyurdu: “Bu torpaq Kərbəla torpağıdır. Haçan gördün ki, bu torpaq çevrilib qana döndü, bil ki, Hüseyni şəhid ediblər.” Rza Şükürlü http://www.ahlibeyt.ge

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...