Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 18.02.2025

Özündən razı olanlar

Özündən razı olanlar m Həzrət Əli (ə) buyurmuşdur: مَنْ رَضِيَ عَنْ نَفْسِهِ كَثُرَ السَّاخِطُ عَلَيْهِ “Əgər kimsə özündən razı olarsa, ondan narazı olanların sayı da həddən artıq çox olacaq.”[1] Qısa izah Həyatın davam etməsi üçün orta həddə insanın özünə məhəbbət və ehtiram göstərməsinin zəruri olmasına baxmayaraq, bu məsələ ifrat dərəcədə olarsa, onda, eqoizm və xudpəsəndliyə gətirib çıxaracaq. Təkəbbürlü və özündən razı şəxslər öz eyib və nöqsanlarını g  örmür, özlərini vəzifəsini bilən, dostluğa layiq, fəal, qüsursuz və cəmiyyətin sağlam bir fərdi hesab edirlər. Bu səbədən, onların digərlərindən özlərinə nisbətdə qayğı və müsbət münasibətinə olan intizarı daha çoxdur. Həqiqətdə, belə düşüncə və təfəkkür tərzi insanların onlara qarşı qəzəb və hiddətini artırır və nəticədə, həmin şəxlər tək-tənha qalırlar.   [1] “Nəhcül-bəlağə”.

Müsəlmanın həyat tərzi 18.02.2025

İstədiyin kimi yaşa, amma unutma ki, bir gün bu dünya ilə vidalaşacaqsan.

İstədiyin kimi yaşa, amma unutma ki, bir gün bu dünya ilə vidalaşacaqsan. Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Sonra Bizə qaytarılacaqsınız.” — Ənkəbut surəsi, 57-ci ayə Sevdiklərini sev, amma bil ki, bir gün onlardan ayrılacaqsan. Allah buyurur: “Yer üzündə olan hər kəs yox olacaq. Əbədi qalan yalnız əzəmət və kərəmin sahibi olan Rəbbinin zatıdır.” — Rəhman surəsi, 26-27-ci ayələr Dildə və əməldə sərbəst ol, lakin unutma ki, bir gün etdiklərin üçün hesab verəcəksən. Allah buyurur: “Kim zərrə qədər xeyir iş görmüşsə, onu (qarşılığını) görəcəkdir. Kim zərrə qədər pis iş görmüşsə, onu (qarşılığını) görəcəkdir.” — Zilzal surəsi, 7-8-ci ayələr Hər bir davranışının qarşılığını mütləq alacaqsan. Allah buyurur: “Bu, mükafat günüdür. Sizə dünyada etdiklərinizin qarşılığı veriləcəkdir.” — Casiə surəsi, 22-ci ayə

Müsəlmanın həyat tərzi 18.02.2025

Ümidini itirmə. Sadəcə davam et.

“Burax! Narahatçılıği burax. Stresi özündən uzaqlaşdır. Çox düşünməyi burax!” > “Şübhəsiz ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar.” (Rəd surəsi, 13:28) — “Özünü günahkar hiss etmə. Allahın sənin üçün bir planı var.” > “Ola bilsin ki, sizə xoş gəlməyən bir şey sizin üçün xeyirlidir, sizə xoş gələn bir şey isə sizin üçün şərdir. Allah (bunu) bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi, 2:216) — “Bilirəm, bəzən Onun səni eşitmədiyini düşünə bilərsən. Bəzən həyatında dəyişikliklər olmadığını hiss edə bilərsən.” > “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim.” (Mümin surəsi, 40:60) — “Şübhə etməyi burax. Sənin üçün yaxşı bir planı var.” > “Allah hər kəs üçün sadəcə onun taqəti yetdiyi qədər yük yükləyər.” (Bəqərə surəsi, 2:286) — “Ümidini itirmə. Sadəcə davam et.” > “Allahın mərhəmətindən ümidsizliyə düşməyin. Doğrudan da, yalnız kafirlər Allahın mərhəmətindən ümidsiz olarlar.” (Yusuf surəsi, 12:87) — Allahın mərhəmətindən və köməyindən heç vaxt ümidinizi itirməyin.

Könül oxşayan Hədislər 17.02.2025

Övladlarınız arasında ədalətə riayət edinh

Övladlarınız arasında ədalətə riayət edin İslam Peyğəmbəri (s) buyurur: إِعْدِلُوا بَيْنَ أَوْلاَدِكُمْ كَمَا تُحِبُّونَ أَنْ يَعْدِلُوا بَيْنَكُمْ “Övladlarınızın sizinlə ədalətlə rəftar etməsini istəyirsinizsə, siz də onlar arasında ədalətə riayət edin.”[1] Qısa izah: Övladlar arasında ayrı-seçkilik salmaq böyük səhvlərdən biridir. Bəzi insanlar öz ilkin və böyük övladını, bəziləri isə kiçik övladını üstüntutur. Bəzən isə valideynlər ifrata vararaq hər şeylərini, misal üçün, bütün sərvətlərini bağışlamaqla övladlardan yalnız birinin ixtiyarında qoyur, lakin digər övladlarını isə bu irsdən məhrum edirlər. Belə bir rəftar övladların qəlbində kin və həsəd atəşini alovlandırır. Həmçinin, onların gələcəkdə bir-birlərinə qarşı düşmən olması, ata və analarına qarşı isə kin bəsləmələrinə şərait yaradır. Hətta onlarda cəmiyyətə qarşı qisasalma fikri meydana gəlir. Təcrübə bu həqiqəti dəfələrlə sübuta yetirmişdir ki, övladlar arasında ayrı-seçkili salmaq nifrət və kinələrin yaranmasına səbəb olmuşdur. Bu isə ailələrin tez bir zamanda dağılmasına əyani sübutdur.   [1] “Biharul-ənvar”, c. 101, səh. 92.

Pak sülalə 17.02.2025

Həzrət Məsumənin (s.ə) həyatına qısa bir baxış

Xanım #Məsumənin (ə) atası yeddinci imam həzrət #Museyi-Kazim (ə) və anası Nəcmə xatundur. O həzrət 173-cü hicri-qəməri ilinin Zil-qədə ayının 1-də, Mədinə şəhərində dünyaya göz açmışdır. Adı Fatimə, məşhur ləqəbi #Məsumədir. Digər ləqəbləri isə belədir: #Tahirə, Həmidə, #Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, #Mərziyyə, #Səyyidə, #Uxtur-Riza. Yeddinci əsrin sünni alimi İbn Cövzi imam Kazimin (ə) dörd qızını Fatimə adı ilə qeyd etmişdir: 1. #Fatimeyi-Kubra; 2.# Fatimeyi-Suğra; 3. #Fatimeyi-Vusta; 4. #Fatimeyi-Uxra. Qeyd edək ki, Fatimeyi-Kubra həmin “Fatimeyi-Məsumə”dir ki, onun pak qəbri İranın müqəddəs Qum şəhərində şiələrin ziyarətgahına çevrilmişdir. “#Bibi Heybət” adı ilə məşhur olan #Fatimeyi-Suğra (və yaxud Həkimə) Bakı şəhərinin cənub tərəfinin girişində dəfn edilmişdir. Fatimeyi-Uxra “İmam bacısı” ləqəbi ilə məşhur olub, İranın Rəşt şəhərində dəfn olunmuşdur. (“Biharul-ənvar”, c. 48, səh. 286 və 317.) Fatimeyi-Vusta isə “Sitti-Fatimə” ləqəbi ilə İranın İsfahan şəhərində dəfn olunmuşdur.

QURANI KƏRIM 17.02.2025

“Təhrim” surəsi

“Təhrim” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey Peyğəmbər! Zövcələrini razı salmaq üçün Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir. Allah (bu cür hallarda) andlarınızdan xilas olmağın yolunu sizə aydınlaşdırmışdır. Allah sizin rəhbərinizdir. O, biləndir, müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə bir sirr verdi. Ancaq o, həmin sirri yaydıqda Allah Peyğəmbərinə bunu xəbər verdi. O da bunun bir qismini zövcəsinə bildirib digər qismini saxladı. Peyğəmbər bunu ona bildirdikdə (zövcəsi) dedi: “Bunu sənə kim xəbər verdi?” O buyurdu: “Bilən və xəbərdar olan Allah xəbər verdi!” (Ey Peyğəmbərin iki zövcəsi,) əgər Allaha tövbə etsəniz, (sizin xeyrinizə olar, çünki) hər ikinizin qəlbi haqdan sapmışdır. Əgər Ona qarşı bir-birinizə dəstək versəniz, (bilin ki, heç nə edə bilməzsiniz). Çünki Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçılarıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, hicrət edən dul qadınlar və bakirə qızlar verə bilər. Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Ona Allahın verdiyi əmrlərə (heç vaxt) asi olmayan (əmrindən əsla çıxmayan), buyurulanları yerinə yetirən amansız və güclü mələklər nəzarət edir. Ey kafir olanlar! Bu gün üzr diləməyin. Çünki ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz! ———————————————————————————— “Təhrim” surəsinin ümumi məzmunu: Bu surə dörd hissədən ibarətdir: 1. Peyğəmbərin (s) bəzi həyat yoldaşlarının ona qarşı kələk qurması. 2. Bütün möminlərə ailənin təlim-tərbiyəsinə diqqət yetirmək və günahlardan tövbə etmək göstərişinin verilməsi. 3. Kafir və münafiqlərə qarşı cihad. 4. Möminlər üçün iki əməlisaleh olan və iki əməlisaleh olmayan qadının misal çəkilməsi.[1] 1-5. Ayələrin nazilolma səbəbi: Sünni və şiə məzhəbinin təfsir, hədis və tarix kitablarında bu ayələrin nazilolma səbəbləri ilə bağlı çoxlu sayda hədis və rəvayət yer almışdır. Onların arasında ən məşhur və münasib olanı budur: Peyğəmbər (s) bəzən həyat yoldaşlarından olan Cəhşin qızı Zeynəbin yanına gedərkən Zeynəb ona bal yedizdirərmiş. Bu xəbər Aişəyə çatanda çox narahat olur. Aişə xanım Peyğəmbərin (s) digər xanımı Həfsə ilə belə qərara gəlirlər ki, Peyğəmbər (s) onların yanına hər dəfə gəldikdə dərhal ondan “sən məğafir şirəsi yemisən?”[2] – deyə soruşsunlar[3]. Çünki Peyğəmbər (s) ağzından və ya paltarından xoşagəlməz qoxu gəlməməsi üçün çox çalışar, əksinə, xoş ətir qoxusu verməyə səy göstərərmiş. Bir gün də Peyğəmbər (s) Həfsənin yanında olarkən o, adəti üzrə bu sözü yenə də deyir. Peyğəmbər (s): “Mən məğafir yeməmişəm, Cəhşin qızı Zeynəb yanında olarkən bal yemişəm. And içirəm ki, bir daha bal yeməyəcəyəm. Ancaq sən bu barədə heç kəsə bir söz demə.” – deyə cavab verir. Həfsə dözməyib bu sirri Aişə xanıma açır, sonradan bunun bir kələk olduğu ortaya çıxır. Peyğəmbər (s) bərk narahat olur, bu ayələr nazil olur və Peyğəmbərin (s) evində bir daha belə bir hadisənin təkrar edilməməsi ilə bağlı göstəriş verilir. Bəzi rəvayətlərdə bu hadisədən sonra Peyğəmbərin (s) bir ay öz həyat yoldaşlarından uzaq durduğu, hətta onları boşayacağı ilə bağlı şayiə gəzdiyi, qadınların da bu xəbərdən qorxuya düşüb peşman olduqları qeyd edilmişdir.[4] Bəzi təfsirçilər bu nazilolma səbəbini və bu barədə olan rəvayətləri tənqid etmiş və onlara iradlar bildirmişlər.[5] Ailənin təlim-tərbiyəsi: Bu ayədə insanın öz ailə və övladları qarşısında böyük məsuliyyət daşıdığı qeyd edilmişdir. Ər imkanı daxilində onların təlim-tərbiyəsinə çalışmalı, onları günahdan çəkindirməli, yaxşı əməllər etməyə çağırmalı, təkcə qida təminatı ilə kifayətlənməməlidir. Dövrümüzdə ailələrdən kənarda fitnə-fəsad və günahın baş alıb getdiyi bir şəraitdə onların təsirlərinin qarşısını almaq üçün ailənin təlim-tərbiyəsi əsaslı və dəqiq şəkildə tənzimlənməlidir. Deyilənə görə bu ayə nazil olanda səhabələrindən biri Peyğəmbərdən (s) soruşur: Ailəmizi Cəhənnəm odundan necə qoruyaq? Peyğəmbər (s) buyurur: “Onlara Allahın əmrlərini əmr et, qadağan etdiklərini qadağan et. Əgər sənə itaət göstərsələr, deməli, onları qorumusan, yox əgər itaət göstərməsələr, vəzifənə əməl etmisən.” Möminlərin əmiri İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Özünüzə və ailənizə yaxşılıq öyrədin, onları ədəbləndirin.”[6]   Ey iman gətirənlər! Allaha xalis və səmimi tövbə edin. Ümid var ki, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri xar etməyəcəyi gündə Rəbbiniz günahlarınızdan keçsin və sizi ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən hərəkət edəcəkdir. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu tamamla və bizi bağışla. Sən hər şeyə qadirsən!” Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların yeri Cəhənnəmdir. Ora necə də pis aqibətdir! Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun himayəsi altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bu ikisi ilə (iki peyğəmbərlə) olan əlaqələrinin (Allahın əzabı qarşısında) onlara heç bir faydası olmadı. Onlara: “Daxil olanlarla birlikdə oda daxil olun!” – deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz ona Öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və kitablarını təsdiq etdi və Allahın fərmanına itaət göstərənlərdən oldu. ————————————————————————————— Allaha xalis və səmimi tövbə edin: Allah-taala əvvəlki ayədə möminlərə özləri və ailələrini Cəhənənm odundan xilas etmək göstərişi verir. Bu ayədə isə Cəhənnəm odundan xilas olmağın yolunu göstərir. Xilas olmağın birinci yolu günahdan tövbə etməkdir. İnsanı oddan xilas edən tövbə hər cəhətdən xalis olmalı, motivasiyası Allahın əmri, günah qorxusu (günahın ictimai və dünyəvi nəticələri deyil, axirət qorxusu) olmalıdır. Habelə bu tövbə insanı hər zaman Allaha asi olmaqdan saxlamalı, günaha dönüşünün qarşısını alan bir tövbə olmalıdır. Tövbə əslində, bir daha etməmək qərarı ilə edilən günaha peşmançılıqdır, habelə xəsarəti aradan qaldırıla bilən işin xəsarətinin aradan qaldırılmasıdır. Bağışlanma diləmək üçün onun sözlə ifadəsi də bu mənanı izhar etmək üçündür. Ümumiyyətlə, tövbənin beş şərti var: günahı tərk etmək, peşmançılıq, gələcəkdə onu bir daha etməməyə qərarlılıq, keçmişdəki xəsarətin aradan qaldırılması və bağışlanma diləmək.[7] Bir nəfər Peyğəmbərdən (s) “xalis tövbə nədir?” – deyə soruşduqda həzrət belə cavab vermişdir: “Bəndə keçmiş günahlarından peşman olur, sonra Allahdan üzr istəyir, bu, sinədən çıxan süd bir daha geri qayıtmadığı kimi, bir də günaha dönməməkdir.”[8] Bu incə ifadə onu göstərir ki, xalis tövbə insanda keçmişə qayıdış yolunu tamamilə bağlayacaq çevriliş yaradır. Çox vaxt insanda sapmalar baş verir, ancaq geriyə dönüş qapıları tamamilə bağlı olarsa, bir də geri dönməz və dönmək fikrindən daşınar. Buna görə də İslamın təlim-tərbiyə məktəbində tövbə ən mühüm tərbiyəvi əhəmiyyəti olan vasitələrdən hesab edilir. Quran da məhz bu cəhəti qabardaraq özlərini islah etmələri, keçmişdəki xəsarətlərini aradan qaldırmaları üçün bütün günühkarları bu qapıdan daxil olmağa çağırır. İmam Səccad (ə) “tövbəkarlarin minacatı”nda Allaha belə xitab edir: “Ey mənim Allahım! Sən elə bir varlıqsan ki, bəndənin üzünə rəhmət qapısı açıb adını tövbə qoyaraq buyurmusan: “Allaha xalis və səmimi tövbə edin”. Bəs bu qapı açıldıqdan sonra o qapıdan daxil olmağı unudanların üzrü nə olacaq?”[9] Nuh və Lutun zövcələri –əməlisaleh olmayan iki qadın: Allah-taala bu ayədə İslam peyğəmbərinin (s) sirrinin ifşa edilməsi və onun narahat olmasına səbəb olan hadisənin qəhrəmanları olan iki qadına xəbərdarlıq edir ki, peyğəmbər zövcəsi olmaq onların cəzalanmasına mane ola bilməz. Necə ki, Nuhun (ə) və Lutun (ə) həyat yoldaşları xəyanət etdikləri üçün onların bu peyğəmbərlərlə olan əlaqəsi kəsilmiş, əzaba düçar edilmişlər. Bu ayə həm də bütün möminlər üçün bir xəbərdarlıqdır. Onlar günah etdikləri halda Allahın dostlarına qarşı olan sevgiləri onların əzaba düçar olmasına mane ola bilməz. Nuhun (ə) və Lutun (ə) həyat yoldaşlarının günahı onda idi ki, düşmənlərlə əlbir olub evlərinin sirrini düşmənə verirdilər. Bundan başqa onlar iffətə zidd olan heç bir səhvə yol verməmişdilər.[10] Fironun həyat yoldaşı Cənnətin ən üstün xanımlarındandır: Fironun həyat yoldaşının adı Asiya, atasının adı isə Müzahim olmuşdur. Asiya Musanın (ə) sehrbazlar qarşısındakı möcüzəsini gördükdən sonra iman nuru qəlbinin dərinliklərinə nüfuz edir və o andan etibarən Allahın elçisinə iman gətirir, ancaq imanını gizli saxlayır. Firon onun imanından xəbər tutduqda dəfələrlə onu bu işdən çəkindirməyə çalışır. Bu əzmkar xanım isə Firona tabe olmur. Nəhayət, Fironun əmri ilə onun əllərini və ayaqlarını mismarlayır, günəşin altında uzadır və sinəsinin üstünə böyük bir daş qoyurlar. Asiya ömrünün son anlarında belə dua edir: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Ən üstün Cənnət xanımları dörd nəfərdir: Xüveylə qızı Xədicə, Mühəmməd qızı Fatimə, İmran qızı Məryəm və Müzahimin qızı və Fironun həyat yoldaşı Asiya.”[11]   [1] Nümunə, c.24, səh.267 [2] Məğafir Hicazda Ğurqut adlı ağacdan axan və xoşagəlməz qoxusu olan bir ağacın şirəsinə deyilir. [3] Bu hadisəni Aişə xanım özü nəql etmişdir. Bu plan kitablarda xanımın özünə istinadən nəql edilmişdir. [4] Nümunə, c.24, səh.271 [5] Daha ətraflı məlumat üçün bax: əl-Mizan, c.19, səh.352 [6] Nümunə, c.24, səh.293 [7] Nümunə, c.24, səh.289 [8] Əl-Mizan, c.19, səh.357 [9] Nümunə, c.24, səh.295 [10] Nümunə, c.24, səh.300 [11] Nümunə, c.24, səh.304

QURANI KƏRIM 17.02.2025

“Təlaq” surəsi

“Təlaq” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində (aylıq adətlərindən təmizlənib həyat yoldaşları ilə yaxınlıq etmədikləri vaxt) boşayın, gözləmə müddətinin hesabını qoruyun və Rəbbiniz olan Allahdan qorxun. Açıq-aşkar çirkin iş görmədikləri təqdirdə, onları evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (qanunlarıdır). Allahın qoyduğu hədləri (qanunları) pozan şəxs özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin. Gözləmə vaxtları bitdikdə onları layiqli şəkildə saxlayın və yaxud layiqli şəkildə onlardan ayrılın. Aranızdan iki ədalətli kişi şahid çağırın və Allah üçün şahidlik edin. Bu, Allaha və axirət gününə iman gətirənlərə verilən nəsihətdir. Allahdan qorxana Allah xilas yolu göstərir və ona güman etmədiyi yerdən ruzi bəxş edir. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi) barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar. Bu, Allahın sizə nazil etdiyi əmridir. Kim Allahdan qorxarsa, Allah onu bağışlayar və onun mükafatını artırar. ——————————————————————————— “Təlaq” surəsinin ümumi məzmunu: Bu surənin əsas hissəsini təlaq, onun hökmləri, xüsusiyyətləri və nəticələri mövzusu təşkil edir. Daha sonra yaradılış, məad, Allah rəsulunun (s) peyğəmbərliyi, müjdə və qorxu mövzularından bəhs edilir.[1] Təlaqın (boşanmanın) səbəbləri və təsirləri: Digər sosial hadisələr kimi boşanmanın da müxtəlif səbəbləri vardır. Həmin səbəbləri dəqiqliklə araşdırmadan boşanmanın qarşısını almaq çox çətin məsələdir. Boşanmanın ən mühüm amilləri bunlardır: a) Qadın və ya kişinin hüdudsuz gözləntiləri; b) Dəbdəbə, israf, bədxərclik ruhunun ailələrə hakim kəsilməsi; c) Qohumlar, yaxınlar və tanışların qadın və kişinin şəxsi həyatına yersiz müdaxilələri; d) Qadın və kişi arasında mədəniyyət uyğunluğunun olmaması; e) Qadın və kişinin bir-birinin istəklərinə, xüsusilə sevgi və cinsi münasibətlərlə bağlı istəklərinə etina etməməsi. Hədislərdə bu məsələlərə xüsusi əhəmiyyət verilmişdir. Boşanma hadisəsi ailələr, qadın və kişilər, xüsusilə övladlar üçün bir çox problemlər yaradır. Onları üç qrupda ümumiləşdirmək olar: 1. Boşandıqdan sonra kişi və qadının üzləşdiyi psixoloji, sentimental problemlər. Çünki bu fərdlər yanlarında olan ən yaxın adamlarından ayrıldıqdan sonra psixoloji cəhətdən xəsarət alırlar, çox vaxt ömürlərinin sonuna qədər ailə qurmurlar, yenidən ailə qurduqda isə adətən, evlilikləri uğurlu alınmır. 2. Bu fərdlərin qarşılaşdıqları sosial problemlər isə daha çoxdur. Çünki onların uğurlu ailə həyatı üçün şansları elə də çox olmayacaq. Övladları olduğu təqdirdə bu şans daha da az olacaq. Nəticədə, istəklərinin təmin edilmədiyi bir ailə həyatına razı olacaqlar. Buna görə də ömürlərinin sonuna qədər əziyyət çəkəcəklər. 3. Övladların problemləri hər kəsdən çox olacaq. Çünki onlar ana və ata sevgisindən, qayğısından məhrum olacaq, ömürlərinin sonuna qədər psixoloji patalogiyadan əziyyət çəkəcəklər. Bu, isə təkcə ailə deyil, bütün cəmiyyət üçün bir itkidir. Bəzən həmin övladlar elə həddə çatırlar ki, öz intiqamlarını cəmiyyətdən almağa qalxırlar. İslamın boşanmaya ciddi yanaşmasının səbəbi də məhz həmin zərərli və xoşagəlməz nəticələrlə bağlıdır. Buna görə də Allah-taala Quranda açıq şəkildə buyurur ki, əgər ərlə arvad arasında problem yaranarsa, hər iki tərəfin yaxınları onların münasibətlərini düzəltməyə çalışsınlar, digər tərəfdən “ailə sülh məhkəməsi” yaratmaqla ərlə arvadın ailə problemlərinin məhkəmə zallarına aparılmasının və boşanmanın qarşısını alsınlar. Ərlə arvadın xoşbəxtliyinə, ailə münasibətlərinin sütunlarının möhkəmlənməsinə yardım göstərən vasitələr İslam tərəfindən bəyənilən, bu əsasları silkələyən vasitələr isə mənfur sayılmışdır. İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Evlənin, boşanmayın. Çünki təlaq Allahın ərşinin silkələnməsinə səbəb olur.”[2] 2-3. Təqva və problemlərdən xilas: Bu ayə Quranın ən ümidverici ayələrindəndir. Onu oxumaq insanın qəlbinə ruh və səfa bəxş edir, ümidsizlik pərdələrini yırtır, həyat bəxş edən ümid şölələri ilə qəlbi işıqlandırır, bütün təqvalı insanlara xilas və proplemlərin həll olunması vədi verir. Allah rəsulu (s) belə buyurmuşdur; “Mən bir ayə bilirəm ki, əgər bütün insanlar ondan yapışsalar, hamısına kifayət edər.” Bunu deyib “Allahdan qorxana Allah xilas yolu göstərir…” ayəsini oxumuş, dəfələrlə onu təkrar etmişdir. Peyğəmbər (s) bu ayənin izahında belə buyurmuşdur: Allah təqvalı insanları dünyanın şübhəli işlərindən, ölümün çətin anlarından, Qiyamət gününün çətinliklərindən xilas edir. Başqa bir hədisində isə belə buyurmuşdur: “Kim Allahdan tez-tez bağışlanma diləsə, Allah onu hər bir qüssədən azad, hər bir çətinlikdən xilas edər.” Əlbəttə, bu ayədə Allah demək istəmir ki, insan səy və fəaliyyətdən əl çəkməlidir. Əksinə, təqva səy və fəaliyyətlə əldə olunur. Əgər qapılar bu məqama nail olmuş insanın üzünə bağlanarsa, Allah onların açılmasına zəmanət verir.[3]   Onlara (boşanmış qadınlara) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin. Sıxışdırmaq məqsədilə onlara zərər yetirməyin. Əgər onlar hamilədirlərsə, hamiləlikdən azad olana qədər onların xərclərini ödəyin. Sizin üçün uşaq əmizdirirlərsə, onların haqqını verin. (Övladlarınızla bağlı qərar qəbul etmək üçün) xoşluqla müzakirə aparın. Razılığa gəlməsəniz, uşağı əmizdirməyi başqa bir qadına həvalə edin. Var-dövlət sahibi öz geniş imkanlarına uyğun şəkildə xərcləsin. İmkanı az olan isə Allahın ona verdiyindən xərcləsin. Allah hər kəsə yalnız Özünün həmin şəxsə bəxş etdiyi imkan daxilində vəzifə verir. Allah çətinliklərdən sonra tezliklə asanlıq verir. Neçə-neçə şəhər və kəndlərin əhalisi öz Rəbbinin və Onun elçilərinin əmrinə asi oldu. Biz də onlarla sərt haqq-hesab çəkib onları mislisiz əzablara düçar etdik. Onlar əməllərinin pis nəticəsini daddılar və aqibətləri ziyana uğramaq oldu. Allah onlar üçün şiddətli əzab hazırlamışdır. Elə isə, ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizə xatırlamaya səbəb olan vasitə nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətlərdən nura çıxartmaq üçün Allahın aydın ayələrini sizə oxuyan bir elçi göndərmişdir. Hər kəs Allaha iman gətirib saleh əməllər etsə, onu içində əbədi qalacağı, ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Allah ona gözəl ruzi təyin etmişdir. Yeddi (qat) göyü və yerdən də onların bənzərini (bir o qədər də yeri) yaradan Allahdır. Allahın fərmanı onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və elminin hər şeyi əhatə etdiyini biləsiniz. ——————————————————————————— Ayrıldıqdan sonra qadınların hüquqları: Ayədə ayrıldıqdan sonra qadınların təmin olunması vacib olan bəzi hüquqlarından bəhs edilir. Ayədə öncə boşanmış qadına mənzil hüququnun tanınması ön plana çəkilmişdir: “Onlara (boşanmış qadınlara) imkanınız daxilində öz yaşadığınız yerdə qalmağa yer verin.” Təbii ki, mənzillə təmin etmək kişinin vəzifəsi olduğu üçün digər təminatları da (yemək və geyimi) o ödəməlidir. Daha sonra Allah-taala ayədə buyurur ki, kin-küdurət, düşmənçiliklər və nifrət sizi haqq-ədalətdən uzaq salmasın, kin-küdurətiniz onları mənzil və digər qeyd-şərtsiz təminatlardan məhrum etməyinizə, bununla da özlərini təzyiq altında hiss edib hər şeyi tərk edərək qaçmalarına səbəb olmasın. (Qayıdış talağının fəlsəfəsi, Bəqərə-231) Ayənin davamında buyurulur ki, əgər boşanmış qadınlar hamilə olsalar, hamiləlikdən azad olana qədər onların xərcləri ödənilməlidir. Nə qədər ki hamiləlikdən azad olmayıblar, gözləmə müddətindədirlər, xərcləri və mənzil təminatları ərlərinə vacibdir. Bir hüquq da “uşaq əmizdirən qadın”larla bağlıdır. Əgər qadınlar boşandıqdan sonra övladlarını əmizdirmək istəsələr, ər onların haqqını südün miqdarı və vaxtına uyğun şəkildə ödəməlidir. Çünki çox vaxt körpələr və uşaqlar ayrıldıqdan sonra kişi ilə qadının ixtilaf bəhanəsinə çevrilir. Övladların taleyi ilə bağlı qarşılıqlı müzakirə aparmalarını, onların haqqında ən uyğun qərarı qəbul etmələrini, ərlə arvadın ixtilafının uşaqların həyatına zərbə vurmamasını, fiziki və zahiri baxımdan ziyan görməmələri üçün çalışmalarını, eyni zamanda psixoloji problemlə qarşılaşmamaları üçün onlardan lazım olan sevgilərini əsirgəməmələrini tələb edir. Ata ilə ana Allahı unutmamalı, köməksiz uşaqların mənafe və maraqlarını öz maraq və qərəzlərinə qurban verməməlidirlər. Əgər boşandıqdan sonra keçmiş ər və arvad uşaqların təminatı və əmizdirilməsi ilə bağlı razılığa gəlməsələr, uşağın əmizdirilməsi başqa bir qadına tapşırılmalıdır.[4] Kainatın yaranışının məqsədi (Allahı) tanımaqdır: “Bəqərə” surəsinin 29-cu ayəsində “yeddi (qat) göy” haqqında məlumat verilmişdir. Lakin burada “yerdən də onların bənzərini (bir o qədər də yeri) yaradan”, – deyə buyurulur. Ayənin zahiri məzmunundan belə başa düşülür ki, Allah yeddi qat göy yaratdığı kimi, yeddi qat da yer yaratmışdır. Bu ifadə təfsirçilər arasında fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. Bəziləri hesab edir ki, burada Günəş sisteminə daxil olan və biri də Yer olan planetlər nəzərdə tutulur. Başqa bir qrup yerin qatlarına işarə edildiyini iddia edir. Müasir elm torpağın müxtəlif qatlardan təşkil olunduğunu sübuta yetirmişdir. Bəlkə insana da işarə eidldiyini deyə bilərik. Belə ki, insan yerə aid varlıq olsa da yeddi göyün bir nümunəsi olan böyük səmavi ruha malikdir. “Allahın fərmanı onların arasında nazil olur” cümləsinə gəlincə, burada Allahın yerlər və göylərə aid olan və insanın imkanları xaricində olan obyektiv fərmanı nəzərdə tutulur. Onlar Allahın əmri ilə müəyyən sistem üzrə idarə olunurlar. Bu ayə “Səcdə” surəsinin “bu dünyanın işlərini göydən yerə doğru idarə edir” məzmunlu 4-cü ayəsinə bənzəyir. Nəzər nöqtəsi olan ayənin sonunda əzəmətli yaradılışa işarə edilmişdir. Məqsəd isə insana Allahın elm və qüdrətini tanıtmaq, Onun bütün varlığının Allah tərəfindən əhatə edildiyini, bütün əməllərindən xəbərdar olduğunu, məad, Qiyamət və möminlərin qurtuluşu ilə bağlı vədlərinin həqiqət olduğunu başa salmaqdır. Böyük varlıq sistemini idarə edən bu cür elm və qüdrət sahibi olan Allah boşanma və qadınların hüquqları ilə bağlı hökmlər müəyyən edirsə, deməli, hamısının bir hikməti var.[5]   [1] Nümunə, c.24, səh.217 [2] Nümunə, c.24, səh.227 [3] Nümunə, c.24, səh.236 [4] Nümunə, c.24, səh.246 [5] Nümunə, c.24, səh.261; Əl-Mizan, c.19, səh.340

QURANI KƏRIM 17.02.2025

“Təğabun” surəsi

“Təğabun” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. Hökm Onundur, həmd Ona məxsusdur. O, hər şeyə qadirdir. Sizi yaradan Odur. Kiminiz kafir, kiminiz də mömindir. Allah nə etdiklərinizi görür. O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəkilə saldı. Son dönüş də Onadır. Göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır. Daha öncə kafir olmuş və etdikləri böyük günahların cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır. Bu, ona görədir ki, elçiləri onlara aydın dəlillər gətirirdi, onlar isə: “Məgər bizə (bizim kimi) insanlarmı doğru yol göstərə­­cəklər?” – deyirdilər. Onlar küfr edir və üz döndərirdilər. Allahın ehtiyacı yoxdur. Allah ehtiyacsızdır, tərifəlayiqdir. Kafirlər heç vaxt dirildilməyəcəklərini sanırlar. De: “Xeyr, Rəbbimə and olsun ki, siz hamınız dirildiləcəksiniz. Sonra isə etdiyiniz əməllər barədə sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” Elə isə Allaha, Onun elçisinə və nazil etdiyimiz nura (Qurana) iman gətirin! Allah nə etdiklərinizdən xəbərdardır. O gün (Allah) hamınızı toplanma günü (Qiyamət günü) bir yerə toplayacaq. Həmin gün xəsarət və peşmançılıq günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük qurtuluşdur. ——————————————————————————–“Təğabun” surəsinin ümumi məzmunu: Bu surə ümumi məzmun və forma baxımından “Hədid” surəsinə çox bənzəyir. Sanki həmin surənin xulasəsi təəssüratı yaradır. Bu surədə möminlər Allah yolunda xərcləməyə həvəsləndirilir, onlara iman, cihad və Allah yolunda xərcləməyə mane olduğu ehtimal edilən problemlərə görə qüssələnməmələri tövsiyə edilir. Çünki onların qarşılaşdıqları bütün problemlər Allahın iznilə baş verir,[1] Allah onlardan xəbərdardır, həmin çətinliklərin mükafatını hesaba alır. Ehtiyacsız Allah: Bir qüdsi hədisdə belə deyilir: “Ey Mənim bəndələrim! Siz Mənə ziyan və xeyir verə bilməzsiniz. Əgər əvvəldən axıra qədər insanlar və cinlər ən pak qəlbə malik olsalar da, Mənə itaətdə zərrə qədər artım olmaz, əgər əvvəlindən axırına qədər insanlar və cinlər ən pis qəlbə malik olsalar da, Mənə itaətdə zərrə qədər əskilmə olmaz. Ey bəndələrim! Əvəvlindən axıra qədər insanlar və cinlər bir meydana toplaşıb, hər nə istəsələr və Mən onların istədiyi hər şeyi versəm də, xəzinələrimdən heç nə əskilməz. Bu, bir kəndirin dənizdən aldığı rütubətə bənzəyir. Ey bəndələrim! Mən sizin əməllərinizi hesaba alıb sonra sizə qaytarıram. Kim xeyirlə qarşılaşsa, Allaha şükür etsin, kim başqa bir şeylə qarşılaşsa, yalnız özünü məzəmmət etsin!”[2] Məhdud bir bənzətmə ilə desək, biz günəşdən enerji alan ağac və bitkilər kimiyik. Bizim günəşə ehtiyacımız olduğu və ondan enerji aldığımız halda, aləmləri işıqlandıran günəşin onlara heç bir ehtiyacı olmur.[3] Allaha, Onun elçisinə və ona nazil etdiyimiz nura iman gətirin: Quranın nura bənzədilməsi ayələrdə rast gəlinən haldır. “Biz onu nazil etdik” forması bu faktı təsdiq edir. Baxmayaraq ki, Əhli-beyt (ə) imamlarına istinad edilən çoxsaylı hədislərdə bu ayədə “nur” deyilərkən imam nəzərdə tutulduğu qeyd edilmişdir. Bu izah bəlkə də bununla bağlıdır ki, imam Quranın əməli təcəssümüdür. Məhz buna görədir ki, Peyğəmbər (s) və imamlara (ə) danışan Quran deyilmişdir. Həmin hədislərin birində İmam Baqirin (ə) belə buyurduğunu görürük: “Onlar möminlərin qəlbinə işıq və nur bəxş edən şəxslərdirlər.”[4] Təğabun günü: Qiyamət udanla uduzanın tanınacağı gündür. Həmin gün dünya həyatındakı ticarətdə kimlərin ziyana uğradığı məlum olacaq. Həmin gün Cəhənnəm əhli Cənnətdəki boş yerləri görüb təəssüflənəcək, Cənnət sakinləri də Cəhənnəmdə boş qalmış yerlərini görüb sevinəcəklər. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “Cənnətə daxil olan elə bir bəndə olmayacaq ki, daha çox şükür etməsi üçün pislik edəcəyi təqdirdə odda olacağı yeri ona göstərməsinlər. Cəhənnəm oduna daxil olan elə bir bəndə olmayacaq ki, daha çox həsrət çəkməsi üçün yaxşılıq edəcəyi təqdirdə Cənnətdə qərarlaşacağı yeri ona göstərməsinlər.”[5] Qiyamətin bu cür adlandırılmasını başqa aspektlərlə də izah etmişlər. Belə ki, kafirlər həmin gün uduzduqlarını, həyat ticarətində ziyana uğradıqlarını, ömürlərinin qiymətli sərmayəsini ucuz qiymətə satdıqlarını, nəticədə, əbədi və pak həyatdan məhrum olduqlarını görəcəklər. Başqa bir izaha görə mömin və kafir olmasından asılı olmayaraq, məhşərdə olan hər kəs ziyana düşdüyünü hiss edəcək. Möminlər təəssüflənəcəklər ki, nə üçün daha çox əməl etmədilər, kafirlər də təəssüflənəcəklər ki, nə üçün əməlisaleh olmadılar. Hər iki qrup əslində, Qiyamət gününü layiqincə qiymətləndirmədikləri üçün təəssüflənəcək. Bəziləri bu təəssüf və peşmançılığın insanları haqq yoldan sapdıran təkəbbürlülərə və onlara tabe olan azğınlara aid olduğunu qeyd etmişlər. Belə ki, insanları haqq yoldan sapdıranlar davamçılarını dünyapərəstliyə səsləmək və axirət inancından çəkindirib aldatdıqları, ardıcılları da təkəbbürlü rəhbərlərinə tabe olalaraq onları aldatdıqları, təkəbbür dənizində daha çox batmalarına, onların azğınlıqlarının daha da artmasına, nəticədə daha çox əzaba düçar olmalarına səbəb olduqları üçün təəssüflənəcəklər. Deməli, hər iki qrup bir-birini aldatmış, bir-birinə aldanmışdır.[6] Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir! Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. Allaha və Onun elçisinə itaət edin! Əgər üz çevirsəniz, (bilin ki,) elçimizin vəzifəsi yalnız açıq bir təbliğdir. Allah! Ondan başqa heç bir məbud yoxdur. Möminlər yalnız Allaha təvəkkül etsinlər. Ey iman gətirənlər! Zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar da vardır. Onlardan qorunun! Lakin onları əfv etsəniz, göz yumsanız və bağışlasanız, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir. Var-dövlətiniz və övladlarınız yalnız bir imtahan vasitəsidir. Böyük mükafat isə Allah yanındadır. Nə qədər bacarırsınızsa, Allahdan qorxun, qulaq asıb itaət edin və Allah yolunda xərcləyin ki, (bu) sizin üçün daha yaxşıdır. Nəfsinin xəsisliyi və hərisliyindən qorunanlar nicat tapanlardır. Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir. O, qeybi də, aşkarı da biləndir, qüdrətlidir, müdrikdir. —————————————————————————————- Bütün müsibətlər Onun iznilə baş verir: Şübhəsiz ki, bu dünyadakı bütün hadisələr Allahın iznilə baş verir. Feili tövhid prinsipinə əsasən varlıq aləmində heç nə Allahın iradəsindən kənarda baş vermir. Sadəcə, müsibətlər təsəvvürlərdə daim sual yaratdığı üçün ona xüsusi diqqət yetirilmişdir. Burada ortaya belə bir sual çıxır: bu müsibətlərin çoxunun səbəbi zülmkarların zülmü, bizim səhlənkarlığımız və səhvlərimizdir. Bunlar da Allahın izni ilə baş verir? Qeyd etməliyik ki, Quranda müsibətlərdən bəhs edən ayələrin məcmusundan müsibətlərin iki yerə bölündüyünün şahidi oluruq: 1. Həyatın ayrılmaz bir parçası olan və insanın cüzi də olsa rolu olmadığı müsibətlər. Ölüm-itim və təbiətlə bağlı olan bir sıra hadisələr. 2. İnsanların müəyyən mənada rol oynaqdığı bəlalar. Quranda birinci qrup hadisələrin Allahın iradəsi ilə baş verdiyi, ikinci qrup hadisələrin isə insanların öz əməllərinin nəticəsində baş verdiyi buyurulur. Buna görə də heç kəs bütün bəlaların Allah tərəfindən baş verdiyini iddia edib zalımlar qarşısında sükut etməməli, mübarizədən əl çəkməməli, habelə xəstəlik, yoxsulluq və cəhalətin qarşısını almaqdan imtina etməməlidir. Təbii ki, insanın özünün rol oynadığı müsibətlərdə də Allahın izni və icazəsi şərtdir. Əgər Allah istəməsə, istənilən səbəb öz təsirini itirər.[7] 14-15. Bəzi həyat yoldaşlarınız və övladlarınız sizin düşmənlərinizdir: Bu ayənin xitab obyekti möminlər olduğu üçün ayənin məzmunundan belə başa düşülür ki, bəzi həyat yoldaşları və övladların mömin həyat yoldaşı və ata ilə düşmənçiliyinin səbəbi məhz onların imanıdır. Bəzi övladlar və həyat yoldaşları onları imandan və saleh əməllərdən, Allah yolunda xərcləməkdən çəkindirir, küfr diyarından hicrət etmələrinə mane olur, onları küfrə, xəsislik, Allah yolunda xərcləməmək kimi günahlara vadar edirlər. Bəzi vaxtlar həyat yoldaşına və övladlarına qarşı ifrat sevgi insanı camaatın malını qəsb etməsinə və ya haram yolla qazanc əldə etməsinə səbəb olur. Allah-taala bu ayədə möminlərə buyurur ki, bu cür həyat yoldaşları və övladların səhvlərinə göz yumun, ancaq ehtiyatlı olun ki, sizi həlak etməsinlər, onların sevgisi sizin əbədi bədbəxtliyinizə səbəb olmasın.[8] Sonra 15-ci ayədə Allah-taala mal-dövlətin və övladların yalnız imtahan vasitəsi olduğunu buyurur. Ümumiyyətlə, Allah insanın tərbiyələnməsi üçün adətən onu qaynar imtahan kürələrinə salır. Sadəcə, bu iki vasitə, yəni övlad və mal-dövlət ən mühüm imtahan vasitələridir. Çünki var-dövlətin cazibəsi, övladlara qarşı sevgi insanı Allahın razılığı ilə onların razılığının ayrıldığı məqamlarda çətin vəziyyətdə qoyur. “İnnəma” ədatı məhdudlaşdırıcı məna ifadə edir. Bu da onu göstərir ki, qeyd olunan iki vasitə daha çox imtahan mövzusu olur. Hədislərinin birində İmam Əli (ə) belə buyurmuşdur: “Sizlərdən heç biri “imtahandan Allaha sığınıram” deməsin. Çünki hər hansı formada sınanmaq qaçılmazdır. Ancaq kimsə Allaha sığınmaq istəyirsə, haqq yoldan sapdıran fitnələrdən sığınsın. Allah-taala “var-dövlətiniz və övladlarınız yalnız bir imtahan vasitəsidir.” – deyə buyurmuşdur.”[9] Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Hər bir ümmət üçün bir imtahan vasitəsi var. Mənim ümmətimin imtahan vasitəsi mal və sərvətdir.”[10] [1] Əl-Mizan, c.19, səh.307 [2] Nümunə, c.24, səh.25 [3] Pəyame-Quran, c.3, səh.50 [4] Nümunə, c.24, səh.193 [5] Nümunə, c.24, səh.194 [6] Əl-Mizan, c.19, səh.314 [7] Nümunə, c.24, səh.198 [8] Əl-Mizan, c19, səh.220 [9] Nümunə, c.24, səh.206 [10] Əl-Mizan, c.19, səh.322

QURANI KƏRIM 17.02.2025

“Munafiqun” surəsi

“Munafiqun” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən həqiqətən, Allahın elçisisən!” – deyirlər. Allah bilir ki, sən Onun elçisisən. Ancaq Allah şahiddir ki, münafiqlər yalançıdırlar. Onlar insanları Allah yolundan döndərmək üçün andlarını sipər ediblər. Çox pis işlərlə məşğuldurlar! Bu, ona görədir ki, onlar öncə iman gətirib sonra kafir oldular. Buna görə də onların qəlbinə möhür vuruldu, onlar həqiqəti dərk etmirlər. Sən onlara baxdıqda zahiri görünüşləri səni heyrətləndirir, danışanda dediklərinə qulaq asırsan. Halbuki onlar divara söykədilmiş quru odunlar kimidirlər. Hər bir səs-küyün onlara qarşı olduğunu sanırlar. Onlar sənin əsl düşmənlərindir. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər! —————————————————————————————– Həftənin ən böyük dini-siyasi toplantısı: Cümə namazı hər şeydən əvvəl böyük və ictimai bir ibadətdir, ruh və canı gözəlləşdirən, qəlbi günah bulaşığından yuyub təmizləyən, günah pasını qəlbdən silib aparan ibadətlərin ümumi təsirini özündə ehtiva edir. Bu böyük əməl İslam dünyasında illik həcc əməlindən sonra ən böyük həftəlik toplantıdır. Allah rəsulunun (s) bir hədisində belə deyilir: “Cümə namazı yoxsulların həccidir”. Bu hədisdə İslamın böyük həcc əməlinin bir çox bərəkətlərinin Cümə namazında da olduğuna işarə edilmişdir. Hədislərdə bu mövzuya çox böyük önəm verilmişdir. Hədislərinin birində Allah rəsulu (s) belə buyurmuşdur: “İmanı üzündən Cümə namazında iştirak edən insan əməlini yenidən başlamışdır.”[1] Bəziləri hesab edir ki, bu namaz məsum imam və ya onun xüsusi nümayəndəsinin vəzifələrindəndir. Başqa sözlə desək, yalnız məsum imamın olduğu vaxta aiddir. Halbuki tədqiqatçıların çoxu Cümə namazının hər bir insana tək-tək vacib olması, bu şərtin ixtiyari vacibliyinin olmamasıı, qeyb dövründə də Cümə namazının qılına və zöhr namazı ilə əvəz edilə biləcəyi qənaətindədirlər.[2] “Munafiqun” surəsinin ümumi məzmunu: Bu surənin əsas məzmununu ikiüzlülük və münafiqlərə aid mövzular təşkil edir.[3] 1-4. Münafiqlər İslamın ən böyük düşmənləridir: İkiüzlülük və münafiqlik problemi Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən, İslamın əsasları gücləndikdən və qələbəsi aşkara çıxdıqdan sonra ortaya çıxmışdır. Düşmənçiliyi büruzə vermək çətin, hətta qeyri-mümkün olduğu üçün məğlubiyyətə uğramış İslam düşmənləri destruktiv – dağıdıcı proqramlarını həyata keçirmək üçün simalarını dəyişib özlərini üzdə müsəlman kimi göstərib müsəlmanların sırasında yer alırlar, ancaq xəlvətdə öz mənfur əməllərini davam etdirirlər. Hər bir inqilab aşkar qələbəsindən sonra münafiqlər ordusu ilə qarşılaşır, dünənin qatı düşmənləri dost libası geyinib özlərini dost kimi göstərməyə çalışırlar. Buna görə də münafiqlərə aid olan ayələrin hamısının Məkkədə deyil, Mədinədə nazil olmasının səbəbini başa düşmək olar.[4] Bəzi təfsirçilər münafiqliyin İslamın ilk vaxtlarından mövcud olduğunu qeyd edirlər. Hesab edirlər ki, bəziləri Məkkədə müsəlmanların çətinliklərinin həddən artıq çox olmasına baxmayaraq İslamı qəbul edir və Peyğəmbərə (s) yardımlar göstərirdilər. Ümid edirdilər ki, Peyğəmbər (s) düşmənlərinə qalib gələcək və onlar da Peyğəmbərdən (s) sonra hakimiyyəti ələ alacaqlar.[5] Ümumiyyətlə, tarix boyu İslam ən böyük zərbəni münafiqlərdən almışdır. Buna görə də Quranda ən ağır cümlələr onların haqqında işlədilmişdir. Hətta açıq düşmənlər belə münafiqlər qədər hədəfə alınmamışdır. Allah rəsulu (s) buyurmuşdur: “Mənim ümmət üçün mömin və müşrik tərəfdən qorxum yoxdur. Çünki Allah mömini imanına görə qoruyur, müşriki də şirkinə görə xar və rüsvay edir. Ancaq sizin üçün qorxum ürəyində münafiq, dildə alim olan tərəfindəndir. O, sizin xoşunuza gələn sözlər danışır, ancaq xoşlamadığınız işlər görür”. Unutmaq olmaz ki, nifaq sözünün mənası genişdir, insanın istənilən növ daxili və zahiri ikiliyini ifadə edir. Bu ikiliyin ən bariz nümunəsi etiqad ikiliyidir. Münafiqlərə aid ayələrdə adətən bu məsələ diqqət mərkəzində olur. Münafiqlər üzdə özlərini mömin kimi göstərib, şirk və küfrlərini ürəklərində gizlədirlər. Əməli ikilik batində müsəlman olub aşkarda bu inanca zidd hərəkət etməyə deyilir. Bu da onların daxili və zahiri simasının ikili olduğunu göstərir. Məsələn, əhd sındırmaq, yalan danışmaq, əmanətə xəyanət etmək və sairəni buna misal göstərmək olar. İslam peyğəmbəri (s) hədislərinin birində belə buyurmuşdur: “Üç xüsusiyyət kimdə olsa – hər nə qədər namaz qılan, oruc tutan, özünü müsəlman hesab edən adam olsa belə, o, münafiqdir: Əmanətə xəyanət, yalan, vədə xilaf çıxmaq.” İmam Səccad (ə) belə buyurmuşdur: “Münafiq insanları çirkinlikdən çəkindirir, ancaq özü onu tərk etmir, insanları yaxşı əmələ çağırır, ancaq özü onu etmir.” Münafiqliyin ən mühüm formalarından biri riyakarlıqdır. Hədislərdə bu haqda çox məlumat verilmişdir.[6]   Onlara: “Gəlin Allahın elçisi sizin üçün bağışlanma diləsin!” – deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq sözlərindən üz döndərdiklərini görürsən. Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları əsla bağışlamayacaqdır. Çünki Allah fasiq adamları doğru yola yönəltməz. Onlar həmin adamlardır ki, “Allahın elçisinin yanında olan adamlara heç nə verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar. Onlar deyirlər: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər ən acizləri oradan çıxardacaqlar!” Halbuki qüdrət yalnız Allaha, Onun elçisinə və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizə Allahı xatırlamağı unutdurmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlməzdən və siz də: “Ey Rəbbim! Nə üçün ölümü bir az təxirə salmadın ki, sədəqə verib əməlisalehlərdən olum?!” – deməzdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. ———————————————————————————– 5-8. Ayələrin nazilolma səbəbi: Bu ayələrin nazilolma səbəbinin böyük bir hadisə ilə bağlı olduğu qeyd edilmişdir. Həmin hadisənin xulasəsi belədir: Hicrətin altıncı ilində baş vermiş Bənu-Müstələq müharibəsindən sonra Qədid adlanan yerdə biri ənsar, digəri mühacirlərdən olan iki müsəlman quyudan su çıxararkən mübahisə edirlər. Minafiqlərin məşhur başçılarından olan Abdullah ibn Übeyy ənsardan olan müsəlmana arxa çıxır, onların arasında çox ciddi söz davası yaranır. Abdullah çox qəzəblənir. Tayfasından bir dəstə adam da orada olur. Onların qarşısında and içir ki, Mədinəyə qayıtdıqdan sonra qüdrətlilər zəifləri şəhərdən çıxaracaq. Qüdrətlilər deyərkən özü və ardıcıllarını, zəif və acizlər deyərkən mühacirləri nəzərdə tutur. Sonra üzünü yandakılara tutub deyir: “Bu, sizin öz başınıza açdığınız bəlanın nəticəsidir. Əgər bunlara öz şəhərinizdə yer verməsəydiniz, mallarınızı onlarla bölüşdürməsəydiniz, yeməklərinizin artığını bu adam kimilərinə verməsəydiniz, boynunuza çıxmazdılar”. Bu vaxt hələ gənc olan Zeyd ibn Ərqəm üzünü Abdullaha tutub deyir: “And olsun Allaha, aciz və zəif sənsən, Mühəmməd (s) Allahın izzət və qüdrət bəxş etdiyi, müsəlmanların məhəbbət bəslədiyi şəxsdir”. Abdullah deyir: “Sən sus, sən gərək indi oyun oynayasan uşaq!” Zeyd ibn Ərqəm Allah rəsulunun (s) yanına gedib əhvalatı ona danışır. Peyğəmbər (s) Abdullahın yanına adam göndərib buyurur: “Bu nədir, mənim haqqımda demisən?” Abdullah deyir: And olsun səmavi kitabı sənə göndərən Allaha, mən heç nə deməmişəm, Zeyd yalan danışır. Sonra Peyğəmbər (s) həmin gün bütün gündüzü və gecəni yol getməyi əmr edir. Nəhayət, Mədinəyə çatırlar. Zeyd ibn Ərqəm böyük qəm-qüssə içində evə çəkilib çölə çıxmır.[7] Faktlar Zeydin doğru, Abdullahın isə yalan danışdığını deməyə əsas verirdi, ancaq şərait Peyğəmbərin (s) üzdə Abdullahı təkzib etməməyi və vəhy gələnə qədər gözləməyi tələb edirdi.[8] Bu vaxt “Munafiqun” surəsi nazil olur, Zeydin doğru, Abdullahın isə yalan danışdığı təsdiqini tapır. Peyğəmbər (s) buyurur: “Ey gənc! Allah sənin sözünü təsdiq etdi və sənin söylədiklərinlə bağlı ayələr nazil etdi”. Bu ayələr nazil olduqdan və Abdullahın yalanı üzə çıxdıqdan sonra bəziləri ona deyirlər: “Peyğəmbərin (s) yanına get, Allahdan sənin bağışlanmağını istəsin”. Abdullah başını yellədir və xoşagəlməz sözlər deyir. Bu zaman “gəlin Allahın elçisi sizin üçün…” ayəsi nazil olur.[9] Mallarınız və övladlarınız Allahı xatırlamağı sizə unutdurmasın: Münafiqliyin ən mühüm amillərindən biri dünyaya, mal-dövlət və övladlara qarşı ifrat sevgidir. Bu ayə möminləri bu cür sevgidən çəkindirir. Mal-dövlət və övladlar Allahın nemətləridir, ancaq onlar Allah yolunda irəliləməkdə və xoşbəxtliyə nail olmaqda insana yardım göstərməlidirlər. Əgər onlara qarşı ifrat sevgi insanla Allah arasında sədd yaradarsa, ən böyük bəla hesab edilərlər. İmam Baqirin (ə) bir hədisində bu məna daha aydın şəkildə təsvir edilmişdir: “İki yırtıcı canavar biri öndən, biri də arxadan çobansız sürüyə sərvətpərəstlik və şöhrətpərəstliyin möminin dininə vurduğu qədər zərər vura bilməzlər.”[10] İmam Əli (ə) səhabələrindən birinə məktub yazıb ona nəsihətlər verir. Həmin nəsihətlərin birində belə deyilir: “Dünyanı boşla ki, dünya sevgisi gözü kor, qulağı kar, dili lal, boyunları isə bükük edir. Ömrünün qalan hissəsində keçmişini yu, “bunu sabah və ya o biri gün edərəm” demə. Çünki sizdən əvvəl arzular qurmaqla, bu gün-sabah etməkləri üçün həlak olan şəxslər olub.”[11] Allah yolunda xərcləmək insanın islah olması və axirətdə xilas olmasında rol oynayan mühüm amildir: Bəziləri burada xərcləmək əmrini zəkat verməyin vacibliyi kimi izah etmişlər. Ancaq məlumdur ki, bu ayədə insanın qurtuluşuna səbəb olacaq istənilən növ həm vacib, həm də müstəhəb xərcləmək nəzərdə tutulmuşdur. Ayənin son hissəsində belə buyurulmuşdur: “Sədəqə verib əməlisalehlərdən olun”. Bu cümlə sədəqənin insanın əməlisaleh olmasında çox böyük rol oynadığını göstərir.[12]   [1] Nümunə, c.24, səh.133 [2] Nümunə, c.24, səh.129 [3] Nümunə, c.24, səh.143 [4] Nümunə, c.24, səh.146 [5] Əl-Mizan, c.19, səh.300 [6] Nümunə, c.24, səh.146-177 [7] Nümunə, c.24, səh.156 [8] Mənşuri-cavid,c.4, səh.85 [9] Nümunə, c.24, səh.158 [10] Nümunə, c.24, səh.172 [11] Pəyame-Quran, c.1, səh.323 [12] Nümunə, c.24, səh.173

QURANI KƏRIM 17.02.2025

  “Cumə” surəsi

  “Cumə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Göylərdə və yerdə olanların hamısı (bütün aləmlərin) sahibi, hər bir eyib və nöqsandan uca, qüdrətli, müdrik Allahın şəninə təriflər deyir. Savadsız cəmiyyətə özlərindən elçi göndərən Odur. (Elçi) onlara (Allahın) ayələrini oxuyur, onları (pis əməllərdən) təmizləyir, onlara kitabı və hikməti öyrədir. Şübhəsiz ki, onlar daha öncə açıq-aydın azğınlıq içində idilər. (Habelə) hələ (müsəlmanlara) qoşulmamış başqalarına da (elçi göndərmişdir). O, qüdrətlidir, müdrikdir. Bu, Allahın lütfüdür, onu istədiyinə (layiq gördüyünə) verir. Allah böyük lütf sahibidir. Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini inkar edən adamların bənzədildiyi şey necə də pisdir! Allah zalım adamları doğru yola yönəltməz. De: “Ey yəhudilər! Əgər başqa adamların deyil, yalnız özünüzün Allahın dostları olduğunuzu güman edirsinizsə və doğru danışanlarsınızsa, onda (Allahla görüşmək üçün özünüzə) ölüm arzulayın!” Lakin onlar öncədən göndərdikləri əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları yaxşı tanıyır. De: “Qaçdığınız bu ölüm nəhayət, sizi haqlayacaq. Sonra siz qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O zaman O, sizə nə etdiklərinizi xəbər verəcəkdir”. ———————————————————————————— “Cümə” surəsinin ümumi məzmunu: Məzmun etibarı ilə “Cümə” surəsini iki hissəyə bölmək olar: 1. Tövhid, Allahın sifətləri, İslam peyğəmbərinin (s) göndərilməsinin məqsədi və məad. 2. Cümə namazının proqramı və bu böyük ibadətin xüsusiyyətləri.[1] Hələ onlara qoşulmamış digər dəstə: İslam peyğəmbəri (s) təkcə savadsız ərəblərə göndərilmədiyi və çağırışı ümumbəşəri olduğu üçün bu ayə sonradan İslamı qəbul etmiş bütün müsəlmanlara şamil olur. Hədislərin birində qeyd edilir ki, Peyğəmbər (s) bu ayəni oxuduqdan sonra səhabələr: “Onlar kimlərdir?” – deyə soruşduqda Peyğəmbər (s) əlini Salman Farsinin çiyninə qoyub buyurmuşdur: “Əgər iman Sürəyyada da olsa,[2] bu dəstədən olan insanlar onu əldə edəcəklər.”[3] Üzərində kitab olan heyvan: Bu ayə İslam peyğəmbərinin (s) əlamətləri və xüsusiyyətləri, onun gəlməsi ilə bağlı müjdələri Tövrat və İncildə oxuyub həmin əlamətlərin və müjdələrin həzrət Mühəmmədə (s) aid olduğunu bildikləri halda ona iman gətirməkdən boyun qaçıran yəhudilər haqqındadır. Tövratda yazılanlar haqqında düşünüb onlara əməl etmək əvəzinə onun yalnız adı və oxunuşu ilə kifayələnən özündənrazı yəhudilər axmaqlıqda və nadanlıqda məsələ çevrilmiş heyvana bənzədilmişlər. O, kitabın yalnız ağırlığını hiss edir, onun üçün fərqi yoxdur, belində daşıdığı daş və ağacdır, ya yaranışın ən dəqiq sirlərini və həyatın ən faydalı proqramlarını özündə ehtiva edən kitablardır. Bu, elm məsuliyyətinin ağırlığını çiyinlərində daşıyıb həmin elmin bərəkətindən faydalanmayan əməlsiz alimi səciyyələndirmək üçün ən obrazlı ifadədir. Bu misal Quranın sözləri ilə oynayıb onun məzmun və əməli proqramından xəbərsiz olan alimlərə də şamil olur. İmam Əli (ə) hədislərinin birində belə buyurmuşdur: “Ey insanlar, doğru yola yönəlməniz üçün bir şeyi bildikdə ona əməl edin. Çünki öz elminə əməl etməyən alim nadanlığından ayılmayan sərsəm cahildir. Ona qarşı dəlil daha güclüdür, onun qəm-qüssəsi daimidir, Allah dərgahında o, daha çox məzəmmət olunacaq.”[4] Nə üçün bir qrup insan ölümdən qorxur? Bunun ən böyük səbəbi insanın ölümdən sonrakı həyata iman gətirməməsi, əgər iman gətiribsə də, imanının köklü inam şəkli almaması, düşüncələrinə və hisslərinə hakim kəsilməməsidir. İnsanın yox olmaqdan qorxması təbiidir. Əgər insan “dünya möminin həbsxanası, kafirin Cənnətidir” hədisinə inansa, daha da kamilləşmək üçün həyatı sevməklə yanaşı ölümdən də əsla qorxmaz. Mənbələrin yazdığına görə Aşura hadisəsində düşmənin mühasirəsi daraldıqca, İmam Hüseyn (ə) və səhabələrinə olan təzyiqlər artdıqca onların çöhrələri daha da açılırmış. Aşura günü səhər qocaların üzü gülürmüş. Onlardan bunun səbəbi soruşulduqda deyirmişlər: Çünki bir neçə saatdan sonra şəhadət şərbətini içəcək, qara gözlü huriləri qucaqlayacağıq. Ölümdən qorxmağın ikinci səbəbi dünyaya həddən artıq bağlı olmaqdır. Çünki ölüm insanla sevdiyi arasına ayrılıq salır, dəbdəbəli həyat üçün yaratdığı imkanlardan ayrılmaq ona çox ağırdır. Bir nəfər Əbuzərin yanına gəlib ondan bu sualı soruşduqda belə cavab verir: “Çünki siz dünyanı abad, axirəti isə bərbad etmisiniz. Təbii ki, abad yerdən xarabalığa köçmək istəməzsiniz.” İnsanın ölümdən qorxmasının üçüncü səbəbi əməl dəftərində yaxşı əməl hissəsinin boş, günah hissəsinin isə dolu olmasıdır.[5]   Ey iman gətirənlər! Cümə günü namaz üçün azan veriləndə Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Əgər bilsəniz, bu, sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox yad edin ki, bəlkə nicat tapasınız. Onlar ticarət və ya əyləncə, baş qarışdıran mənasız bir iş gördükləri zaman dağılışıb ona tərəf qaçır və səni ayaq üstə olduğun halda tərk edirlər. De: “Allah yanında olan (qazanacağınız savab) əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.   [1] Nümunə, c.24, səh.101 [2] Məsafənin uzaqlığını ifadə etmək üçün ərəblərdə işlədilən məsəldir. [3] Nümunə, c.24, səh.109 [4] Nümunə, c.24, səh.114; Əl-Mizan, c.19, səh.277 [5] Nümunə, c.24, səh.121

QURANI KƏRIM 17.02.2025

“Səff” surəsi

“Səff” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, yenilməz qüdrət sahibidir, müdrikdir. Ey iman gətirənlər! Nə üçün əməl etmədiyiniz şeyləri danışırsınız? Əməl etmədiyiniz şeylərdən danışmağınız Allah dərgahında qəzəbə səbəb olur. Allah Onun yolunda dəmir bina kimi dayanıb döyüşənləri sevir. Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Mənim, Allahın sizə göndərdiyi elçisi olduğumu bildiyiniz halda, nə üçün məni incidirsiniz?!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz. ————————————————————————————— Qadınların beyət şərtləri: Təfsirçilərin yazdıqlarına əsasən bu ayə Məkkə fəth edildiyi gün nazil olmuşdur. Peyğəmbər (s) Səfa dağında olduğu vaxt kişilərdən beyət alır. Məkkənin iman gətirmiş qadınları beyət etmək üçün gəldikdə bu ayə nazil olur və onların beyət forması izah edilir. Peyğəmbər (s) içində su olan bir qab gətirilməsini göstəriş verir. Peyğəmbər (s) əlini qabın bir tərəfindən suya salır, qadınlar isə əllərini qabın digər tərəfindən suya salırlar. Bu ayə İslamdan xəbəri olmayan və ya İslamın insanların yarısına aid olduğunu, qadınlara heç bir dəyər tanımadığını, onlarla hesablaşmadığını iddia edən qərəzli insanlara cavab verməklə yanaşı, qadınlarla ən mühüm məsələlərdə də hesablaşıldığını göstərir. Belə ki, bu beyətdə qadınlar kişilərlə çiyin-çiyinə iştirak etmiş, hətta kişilərlə müqayisədə daha çox şərt qəbul etmişlər. Bu şərtlər qadının insanlıq kimliyinə həyat vermiş, onu dəyərsiz mal və ya kişilərin ehtiraslarını söndürən vasitə olmaqdan xilas etmişdir.[1] “Səff” surəsinin ümumi məzmunu: Bu surə iki əsas prinsipi ehtiva edir: 1. İslam bütün səmavi dinlərdən üstündür. Allah onun əbədi yaşayacağına zəmanət vermişdir. 2. Bu dinin qorunması və inkişaf etdirilməsi yolunda cihad etmək zəruridir.[2] 2-3. Nə üçün əməl etmədiyiniz sözləri danışırsınız? Təfsirçilər bu ayələrin nazilolma səbəbi ilə bağlı müxtəlif fikirlər təqdim etmişlər. Ancaq hamısının ümumi məzmunundan belə başa düşülür ki, bir qrup mömin cihad və döyüş meydanına getməklə bağlı hökm nazil olmazdan əvvəl deyirmiş ki, “əgər belə bir hökm nazil olsa, onu canla-başla qəbul edəcək və cihad meydanından qaçmayacaqlar”. Ancaq onlar əməldə başqa bir söz deyirmişlər. Əlbəttə, bu ayə daha geniş məna daşıyır, istər cihad meydanındakı mətanət olsun, istərsə də başqa bir müsbət davranış olsun, bütün əməlsiz danışıqları tənqid edir. İnsan cəmiyyətlərinin başına gələ biləcək ən böyük müsibətlərdən biri əminliyin olmamasıdır. Bunun isə ən başlıca səbəbi danışıqla əməlin üst-üstə düşməməsidir. Sözü deyib əməl etməyən insanlar əsla bir-birindən əmin ola və problemlər qarşısında bir ola  bilməzlər. Onların arasında qardaşlıq və səmimiyyət yaranmaz, onları heç bir dəyər bir-birinə bağlaya bilməz, heç bir düşmən onlarla hesablaşmaz. Şam ordusunun soyğunçularının İraq sərhədlərini çapıb talaması ilə bağlı xəbər İmam Əliyə (s) çatdıqda çox narahat olur, İraq camaatına xütbə oxuyaraq belə buyurur: “Ey bədənləri bir, istəkləri müxtəlif olan camaat! Cəsurluqdan danışanda sözləriniz möhkəm daşları yumşaldır, halbuki davranışlarınız düşmənlərinizi tamaha salır. Məclisdə əyləşdikdə cəngavərlikdən dəm vurursunuz, döyüş üzünü göstərdikdə isə ondan qaçırsınız.”[3] İmam Baqir (ə) hədislərinin birində belə buyurmuşdur: “Camaata ədalətdən dəm vurub özü ədalətli olmayan şəxsin Qiyamət günü həsrəti böyük olacaq. … Təəssüflənəcək ki, nə üçün Allahın əmrlərinə qarşı laqeydlik göstərib.”[4] Dəmir bina kimi döyüşənlər: Allah bu ayədə demək istəyir ki, haqq yolunun döyüşçüləri bir və möhkəmdirlər. Sanki hamısı bir-birinə birləşmiş və aralarında heç dəlik də yoxdur. Allah düşməni dağıdıcı selə bənzədir, onun qarşısını yalnız polad bəndlə almaq olar. Əfsuslar olsun ki, İslamın bu böyük təlimi bu gün unudulub, müsəlmanların polad bənd şəklini almamaları bir tərəfə qalsın, parça-parça olaraq bir-birinə qarşı dayanıblar, hər birinin başında bir xəyal, ürəyində bir arzu var. Bir neçə yüz milyonluq İslam dünyasının parçalanmasının acı nəticəsini bu gün görməməzliyə vurmaq yanlış olar. Sionistlərin kiçik bir qruplaşması İslam torpaqlarını işğal edib, gün-gündən də İslama və müsəlmanlara qarşı təhqirlərini, haqsızlıqlarını, təzyiqlərini davam etdirirlər.[5] Ayədə nəzər nöqtəsi olan ifadə göstərir ki, İslam cihadı əslində, müdafiə xarakteri daşıyır. Çünki sədlər tarixin sellərinin hücümlarının qarşısını alan müdafiə baryerləridir, heç bir sədd hücum üçün nəzərdə tutulmur.[6] Bir zaman Məryəm oğlu İsa demiş­­di: “Ey İsrail oğulları! Mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş kitabı (Tövratı) təsdiqləyən və mən­­dən sonra gələcək Əhməd adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” O (Əhməd) onlara açıq-aydın dəlillər və möcüzələr gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!” – dedilər. İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz. Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz elçisini hidayət və haqq dinlə göndərən Odur. Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərimmi? Allaha və Onun elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! (Əgər belə etsəniz,) O, sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və əbədi Cənnətin tərtəmiz məskənlərə daxil edər. Bu, böyük qurtuluşdur. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri (bu böyük qələbə ilə) müjdələ. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?” – demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!” – demişdilər. Bu zaman İsrail oğullarından bir qrup iman gətirdi, digər bir qrup isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və sonda onlar qalib gəldilər. ——————————————————————————- Həzrət İsa (s) İslam peyğəmbərinin (s) gələcəyini müjdə vermişdir: Bu ayədə sözügedən müjdənin İsaya (ə) göndərilən səmavi kitabda olduğu qeyd edilməsə də, Quranın başqa ayələrində (Əraf-156) onun məhz İncildə olduğu qeyd edilmişdir. Əlbəttə, bu gün yəhudi və xristianların əlində olan İncil və Tövrat heç də Musa (ə) və İsaya (ə) göndərilmiş səmavi kitablar deyil. Əslində bu gün mövcud olan İncil və Tövrat adıçəkilən peyğəmbərlərin dostları və ya onlardan sonrakı dövrlərdə yaşamış insanların yazdığı kitabların toplusudur. Bu topluya ümumi şəkildə nəzər saldıqda iddiamızın doğruluğunun heç bir şübhə doğurmadığının şahidi oluruq. Yəhudi və xristianlar özləri də bunu danmırlar. Bununla belə, şübhəsiz ki, Musa (ə) və İsaya (ə) öyrədilənlərin, eyni zamanda səmavi kitablarda yer almış məzmunların bir qismi adıçəkilən peyğəmbərlərin davamçıları tərəfindən həmin kitablarda yazıya alınmışdır. Buna görə də Əhdi-ətiq (Tövrat) və Əhdi-cədiddə (İncildə) yazılanların hamısını nə qəbul, nə də inkar etmək olar. Bu kitablarda Musa (ə) və İsaya (ə) göndərilmiş təlimatlar başqalarının fikir və düşüncələri ilə qarışdırılmışdır. Bu gün mövcud olan kitablarda da böyük bir peyğəmbərin gələcəyi ilə bağlı çoxlu müjdələrin verildiyinin şahidiyik. Həmin müjdələr isə yalnız İslam peyğəmbərinə aiddir. Bir nüansı da qeyd etməliyik ki, bu kitablarda yer almış və əvvəlki peyğəmbərlərin dilindən olan qabaqcadan verilmiş xəbərlər və onların İslam peyğəmbərinin (s) əlamətləri ilə üst-üstə düşməsi ilə yanaşı, İohanın incilinin üç yerində işlədilmiş və mənası “təsəlli verən” olan “Farqlit” sözü xüsusi diqqət çəkir. Belə ki, yunanca orijinaldan götürülmüş siryani dilindəki incillərdə “təsəlli verən” sözünün yerinə yunanca mənası “təriflənən və ya tərifəlayiq” olan “Parqlit”, yunanca orijinalda “Pirkletus” sözləri işlədilmişdir. Bu sözün ərəbcə qarşılığı isə Mühəmməd (s) və ya Əhməddir (s). Kilsə rəhbərləri bu cür tərcümələrin onların təşkilatlarına güclü zərbə vuracağını gördükdə “Pirkletus” sözünün əvəzinə tərcüməsi “təsəlli verən” olan “Parakletus” sözünü yazmış, kobud bir təhrifə yol verərək bu canlı sənədi dəyişmişlər. Qeyd olunan təhrifə baxmayaraq, həmin kitablarda gələcəkdə böyük bir zühurun baş verəcəyi ilə bağlı aşkar bir müjdə də yer almaqdadır. Əhməd İslam Peyğəmbərinin (s) məşhur adlarından biridir. O, həyatda olarkən bu adla şöhrət tapmışdır. Buna görə də sözügedən ayələr nazil olanda düşmənlərinin heç biri onun adının Əhməd olmasına etiraz etməmişlər. Çünki bu ad artıq hamıya məlum idi.[7] 10-12. İman və cihada daha çox önəm verilməsi: Allah-taala bu ayələrdə iman və cihad prinsiplərini önə çəkir, incə təsvirlərdən isitfadə edərək insanın ruhunda ilahi hərəkət stimulu yaradır. Ayənin xitab obyekti möminlərdir. Ayə onları iki prinsipə – iman və cihada səsləyir. Ola bilsin, Allah-taala başa salmaq istəyir ki, quru və səthi iman kifayət deyil, insana fədakarlıq və cihad mənbəyi ola biləcək xalis və dərin iman lazımdır. Bu və digər ayələrə əsasən deyə bilərik ki, canla edilən cihadı malla edilən cihaddan ayırmaq olmaz. Çünki bütün cihadların imkan və vasitələrə ehtiyacı var, maliyyə yardımları ilə təmin olunmalıdır. Elə olur ki, bəziləri onların hər ikisi, bəziləri yalnız malları, bəziləri isə canları ilə cihadda iştirak etmək imkanına malik olurlar.[8] Yaxın qələbə: Təfsirçilərin çoxu burada Məkkənin fəthinin, bəziləri Bizans və İranın fəthinin, bəziləri iman gətirdikdən az sonra müsəlmanların əldə etdikləri bütün İslam fəthlərinin nəzərdə tutulduğunu iddia etmişlər. Ancaq ayənin xitab obyekti təkcə səhabələr deyil, tarix boyu mövcud olmuş və olacaq möminlər olduğu üçün qələbənin mənası daha böyükdür, qələbə müjdəsi onların hamısına aiddir. Baxmayaraq ki, Peyğəmbərin (s) zamanında və bu ayələrin nazil olduğu vaxt bu ayənin ən parlaq nümunəsi Məkkənin fəthi olmuşdur.[9] Bəzi hədislərdə həzrət Mehdinin (ə) son qələbəsi və fəthinin bu ayənin nümunələrindən biri olduğu qeyd edilmişdir.[10] [1] Nümunə, c.24, səh.44 [2] Nümunə, c.24, səh.57 [3] Nümunə, c.24, səh.60 [4] Təfsiri-mövzui, c.11, səh.155 [5] Nümunə, c.24, səh.64 [6] Pəyame-Quran, c.10, səh.338 [7] Nümunə, c.24, səh.73; Əl-Mizan, c.19, səh.261 [8] Nümunə, c.24, səh.87 [9] Nümunə, c.24, səh.91 [10] Əl-Mizan, c.19, səh.272

QURANI KƏRIM 17.02.2025

“Mumtəhinə” surəsi

“Mumtəhinə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Ey iman gətirənlər! Mənim düşmənimi də, öz düşməninizi də özünüzə dost tutmayın! Onlar Haqq tərəfindən sizə gələni inkar etdikləri halda, siz onlara mehribanlıq göstərirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi şəhərinizidən, yurdunuzdan qovub çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim razılığımı qazanmaq üçün hicrət etmisinizsə (onlarla dostluq etməyin). Onlarla gizlində dostluq edirsiniz. Halbuki Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də hər kəsdən yaxşı bilirəm. Sizlərdən bu işi kim tutsa, doğru yoldan sapmış olar. Əgər onlar sizi ələ keçirsələr, sizə düşmən kəsilər, əlləri və dilləri ilə sizə pislik edər və sizin küfrə dönməyinizi istəyərlər. Qohumlarınız və övladlarınız sizə Qiyamət günü heç bir fayda verməyəcək, aranıza ayrılıq salacaq. Allah nə etdiklərinizi görür. İbrahim və onunla birlikdə olanların həyatında sizin üçün gözəl bir örnək vardır. Onlar öz qövmlərinə dedilər: “Biz sizdən və Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizdən imtina edirik. Siz bir olan Allaha iman gətirənə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına (əmisi Azərə): “Mən sənin üçün bağışlanma diləyəcəyəm. Fəqət, Allaha qarşı sənin üçün heç bir ixtiyar sahibi deyiləm!” – deməsi istisnadır. (Onlar dedilər): “Ey Rəbbimiz! Biz Sənə təvəkkül etdik və Sənə doğru qayıtdıq. Bütün sonlar Sənə doğrudur. Ey Rəbbimiz! Bizi kafirlərin azmasına vasitə etmə. Ey Rəbbimiz, bizi bağışla. Sən qüdrətlisən, müdriksən!” ————————————————————————————– “Mumtəhinə” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə iki hissəyə bölmək olar: 1. Allaha görə dostluq və düşmənçilik, müşriklərlə dostluğun qadağan edilməsi. 2. Hicrət etmiş qadınlar, onların yoxlanılması və bu mövzuya aid hökmlər.[1] 1-3. Allahın düşmənləri və öz düşmənlərinizlə dostluq etməyin: Bu ayələrin nazilolma səbəbi: Hatib ibn Əbu Bəltəə adlı bir nəfər İslamı qəbul etdikdən sonra Mədinəyə hicrət edir, ancaq ailəsi Məkkədə qalır. Həmin ərəfədə Peyğəmbərin (s) hücum edəcəyindən ehtiyatlanan qüreyşlilər Hatibin arvadının yanına gedib ondan ərinə məktub yazmasını, Mühəmmədin Məkkəyə hücum edib-etməməsini öyrənməsini istəyirlər. Məktub yazıb Hatibə göndərir və bu haqda maraqlanırlar. Hatib onlara Peyğəmbərin (s) belə bir fikirdə olduğunu yazıb məktubu Səfiyyə adlı bir qadına verir. Qadın məktubu saçlarının arasında gizlədib yola düşür. Cəbrail nazil olub Peyğəmbəri (s) bu hadisədən xəbərdar edir. Peyğəmbər (s) Əli (ə) və Zübeyr ibn Əvamı həmin qadının ardınca göndərir. Onlar həmin qadına çatdıqda İmam Əli (ə) məktubu harada gizlətdiyini soruşur. Qadın deyir: Məndə heç nə yoxdur. Məktub haqqında onu sorğu-suala çəksələr də, heç bir şey hasil olmur. Zübeyr deyir: Onda heç nə yoxdur. İmam Əli (ə) buyurur: “And olsun Allaha, Peyğəmbər (s) yalan deməyib, Cəbrailin adından heç nə uydurmayıb, Cəbrail də Allahın adından yalan danışmayıb. And olsun Allaha, ya məktubun yerini söyləyirsən, ya da başını Peyğəmbərə (s) aparıram”. Qadın deyir: “Onda məndən aralanın ki, onu çıxarım”. Məktubu saçlarının arasından çıxarır. İmam Əli (ə) məktubu alıb Peyğəmbərə (s) aparır. Peyğəmbər (s) buyurur: “Ey Hatib, bu nədir?” Hatib: “Ey Allahın rəsulu! And olsun Allaha, mən ikiüzlülük etmədim, dini və əhd-peymanımı dəyişmədim. Mən Allahdan başqa bir tanrı olmadığına və sənin peyğəmbərliyinə şahidlik edirəm. Ancaq ailəm mənə qüreyşlilərin onlarla yaxşı davrandıqlarını yazdı. Mən də onların bu davranışlarına qarşılıq olaraq onlara hədiyyə etmək istədim”. Bununla əlaqədar olaraq Allah-taala bu ayələri nazil etmişdir.[2] İbrahim hamınız üçün bir örnəkdir: Allah Quranın bir çox yerində öz təlimatlarını təkmilləşdirməkdən ötrü insanlıq tarixində mövcud olmuş böyük örnəklərdən sitatlar gətirir. “Mumtəhinə” surəsində də Allahın düşmənləri ilə dostluq edilməsi kəskin şəkildə qadağan edildikdən sonra bütün xalqlar, xüsusilə ərəblər üçün örnək hesab edilən İbrahim (ə) və onun proqramından söz açılmışdır. O, bütün həyatı başdan-başa Allaha bəndəlik, Allah yolunda cihad və Ona qarşı sevgi dərsi olmuş böyük bir peyğəmbərdir. “Onunla birlikdə olanlar” deyilərkən onun ətrafında olan azsaylı səhabələri nəzərdə tutulur. Tarixi mənbələrin də yazdığına görə İbarhimin (ə) Babildəki möcüzələrini gördükdən sonra bir qrup insan ona iman gətirmiş, Şama hicrət edərkən onu müşayiət etmişdir. Bu isə onun vəfalı dostlarının olduğundan xəbər verir.[3] Böyük örnəklər həyatları boyu insanların tərbiyə olunmasında mühüm rol oynamışlar. Buna görə də peyğəmbərlər və məsum imamlar həqiqət yolunun ən mühüm qollarını insanlara öz əməlləri ilə göstərmişlər. Sünnə məsumların sözü, əməli və təsdiqindən ibarətdir. Yəni məsum öndərlərin sözləri, əməlləri və sükutları istiqamətləndiricidir. Buna görə də həyatın bütün sahələrində örnək ola bilmələri üçün peyğəmbərlər və imamların hamısının məsum olması şərtdir. İmam Sadiqin (ə) hədisində də qeyd edildiyi kimi, insanların dillə deyil, əməl vasitəsilə dəvət edilməsi şüarı da bu cəhəti təsdiq edir. Bütün həqiqi müsəlmanlar öz növbələrində başlarına örnək olmalı, öz əməlləri ilə İslamı bütün dünyaya tanıtdırmalıdırlar. Əgər belə olsaydı, İslam bütün dünyaya hakim olardı.[4] Onların həyatında sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə, (özünə ziyan vurub, çünki) Allah ehtiyacsızdır, tərifəlayiqdir. Ümid var ki, Allah sizinlə ədavət bəslədiyiniz (müşrik) kimsələr arasında (İslam vasitəsilə) dostluq yaratsın. Allah qadirdir. Allah bağışlayandır, rəhmlidir. Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətlə davranmanızı sizə qadağan etmir. Allah ədalətli olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi evlərinizdən qovub çıxardan və çıxarılmanıza kömək edən kim­­sələrlə dostluq etmənizi qadağan edir. Onlarla dostluq edənlər zalımlardır. Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları sınaqdan keçirin. Allah onların imanına daha yaxşı bələddir. Əgər mömin olduqlarını görsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar kafirlərə halaldır, nə də kafirlər bunlara halaldırlar. Həyat yoldaşlarının (evlənərkən mehriyyə olaraq) bunlara xərclədiklərini özlərinə qaytarın. Həmin qadınların mehriyyələrini onların özlərinə verdiyiniz təqdirdə onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir zövcələrinizi öz kəbninizdə saxlamayın, ödədiyiniz mehriyyələri də onlardan tələb etməyə haqqınız var. Onların da (ayrılmış zövcələrindən) ödədikləri mehriyyəni sizdən tələb etməyə haqları var. Allahın hökmü budur. O, sizin aranızda hökm verir. Allah biləndir, müdrikdir. Əgər zövcələrinizdən hər hansı biri sizi qoyub kafirlərin yanına getsə və siz də döyüşdə kafirlərə qalib gəlsəniz, (ələ keçirdiyiniz qənimətdən) zövcələri çıxıb getmiş şəxslərə onların ödədikləri mehriyyə qədər verin. İman gətirdiyiniz Allahdan qorxun! —————————————————————————————– Bir qrup müsəlmana sevgilərinin boş qalan yerini doldurmaq müjdəsi: Bu ayədə Allaha xatir sevgi və nifrət, müşriklərlə olan əlaqənin kəsilməsindən bəhs edən ayələrin mövzusu davam etdirilir. Qeyd olunan əlaqələrin kəsilməsi bir qrup müsəlmanda sevgi boşluğu yaradırdı. Ancaq buna baxmayaraq, həqiqi möminlər və Allah rəsulunun dostları bu yolda qətiyyət nümayiş etdirirdilər. Allah-taala onları mükafatlandırmaq və çatışmazlıqlarını aradan qaldırmaqdan ötrü onlara müjdə verir, qəm yeməmələrini, vəziyyətin heç də belə davam etməyəcəyini xəbər verir. Bu müjdə nəhayət, reallaşır. Hicrətin səkkizinci ili yetişir, Məkkə fəth edilir, Məkkə əhalisi dəstə-dəstə İslamı qəbul edir, qara düşmənçilik buludları onların həyat səmasından çəkilir, iman günəşi dostluq və sevgi istisi ilə şəfəq saçır.[5] 8-9. Döyüşməyən kafirlərlə yaxşı münasibət: Bu ayələrə əsasən qeyri-müsəlmanlar iki qrupa bölünürlər: 1. İslam və müsəlmanlara qarşı olan ədavət və düşmənçiliklərini söz və əməlləri ilə büruzə verən qrup. Müsəlmanlar onlarla istənilən formada dostluq və əlaqə qurmaqdan çəkinməlidirlər. 2. Kafir və müşrik olduqlarına baxmayaraq müsəlmanlarla işləri olmayan qrup. Hətta onlardan elələri də var idi ki, müsəlmanlarla düşmənçilik etməmək haqqında saziş bağlamışdılar. Bu qrupa yaxşılıq etməyin, onlara qarşı xoş münasibət bəsləməyin heç bir maneçiliyi yox idi, onlarla hər hansı müqavilə bağlandıqda ona əməl etmək və ədalətli olmaq vacib idi. Bu ayələrdən müsəlmanların kafirlərlə davranış formasını ehtiva edən ümumi bir qanun əldə edilir. O da bundan ibarətdir ki, müsəlmanlar düşmən mövqeyində olan istənilən qruplar, cəmiyyət və ölkələr qarşısında sərt mövqe sərgiləməli, bütün dostluq əlaqələrini kəsməlidirlər. Ancaq müsəlmanlar, kafir olduqları halda, İslama və müsəlmanlara qarşı bitərəf mövqedə dayanan və ya müsəlmanlara meyilli olan qruplarla dostluq əlaqəsi yarada bilərlər. Ancaq yenə də bu əlaqələr müsəlman qardaşlarla olan əlaqə səviyyəsində, onların müsəlmanlara nüfuz edəcəyi həddə olmamalıdır.[6] 10-11. Müsəlman və kafirlərin ziyanlarının aradan qaldırılması: Bu ayələrin nazilolma səbəbi haqqında belə qeyd etmişlər: Peyğəmbər Hüdeybiyyədə Məkkə müşrikləri ilə bir müqavilə imzalayır. Müqavilənin şərtlərindən biri belə idi ki, Məkkə əhalisindən müsəlmanlara kim qoşulsa, müsəlmanlar onu geri qaytarmalıdırlar. Ancaq müsəlmanlardan kimsə İslamı tərk edib Məkkə müşriklərinə qoşulsa, onu geri qaytarmaya bilərlər. Bu vaxt Səbiə adlı bir xanım İslamı qəbul edir və elə Hüdeybiyyədə müsəlmanlara qoşulur. Həmin qadının həyat yoldaşı Peyğəmbərin (s) yanına gəlib deyir: Ey Mühəmməd, həyat yoldaşımı geri qaytar. Çünki müqavilənin şərtlərindən biridir, hələ heç müqavilənin mürəkkəbi qurumayıb. Bu surənin 10-cu ayəsi nazil olur və mühacir qadınların imtahan edilməsi göstərişi verilir. İbn Abbasa istinad edilən bir hədisdə deyilir: İmtahanları da bundan ibarət idi ki, onlar and içib hicrətlərinin həyat yoldaşına qarşı kin-küdurət, yeni əraziləri görmək marağından və ya digər dünyəvi məqsədlərdən ötrü olmadığını deməli idilər. Həmin qadın da and içib həmin sözləri deyir. Bu zaman Peyğəmbər (s) həmin qadının mehriyyəsini onun ərinə ödəyir, ehtimal edilən xərci ödəyib buyurur: Bu müqavilədəki maddə təkcə kişilərə aiddir, qadınlara yox. Bununla da həmin müsəlman qadının kafir diyarına göndərilməsinin qarşısını alır. Bu ayəyə əsasən belə hallarda İslam hökuməti kafir ərin müsəlman həyat yoldaşına ödədiyi mehriyyənin əvəzi beytül-maldan qaytarmağa borcludur. Eyni zamanda müsəlman həyat yoldaşını tərk edib kafir olaraq küfr diyarına gedən qadının mehriyyəsi də kafirlərdən tələb edilməlidir. 11-ci ayədə buyurulur ki, əgər kafirlər bu işdən boyun qaçırsalar, həyat yoldaşları kafir olub kafirlərin yanına qaçmış kişilərin hüquqlarının pozulmaması üçün əldə eidlən qənimətlərdən öncə həmin kişilərin haqqı ödənilsin, yalnız bundan sonra bölgü aparılsın. İslamın nə malın, nə də canın heç bir qiyməti olmadığı bir mühitdə insanların hüquqlarının qorunmasına, hətta təkcə dostlar deyil, düşmənlərin də haqlarının qaytarılmasına bu qədər səy göstərilməsi kimi hökmləri Peyğəmbərin (s) dəvətinin haqq olduğunu göstərən əlamətlərdəndir.[7]     Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, qarşılarındakı ilə bağlı böhtan və iftira atmayacaqlarına (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onlar üçün bağışlanma dilə. Allah bağışlayandır, rəhmlidir. Ey iman gətirənlər! Allahın qəzəbinə gəlmiş adamlarla dostluq etməyin. Kafirlər qəbirdəkilərin (bir daha) diriləcəyinə inanmadıqları kimi axirət gününə də ümid etmirlər.   [1] Nümunə, c.24, səh.5 [2] Əl-Mizan, c.19, səh.244 [3] Nümunə, c.24, səh.17 [4] Nümunə, c.24, səh.24 [5] Nümunə, c.24, səh.29 [6] Nümunə, c.24, səh.31 [7] Nümunə, c.24, səh.35

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...