Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatmənin (s.ə) xanımlar üçün universal buyuruşu

Bəzi insanlar ölən zaman özlərindən heç bir nişanə və ad qoyub getmirlər. Bəzi insanlar isə öz dövrünün insanlarına elə təsir qoyurlar ki, dünyalarını dəyişəndən sonra belə, undulmurlar. Lakin bəzi insanlar vardır ki, bütün dövrlərə təsir edə bilmişdilər. Yəni, bu insanların tarixdə əbədi qalmaq istedadları vardır. Həzrət Zəhra (s.ə) da bu cür şəxsiyyətlərdən biri olmuşdur. (Tebyan) Bu banunun ömrü 18 ildən çox olmamışdır. Ancaq Xanım (s.ə) bu bərəkətli ömrü boyu bir sünnənin təməlini qoymuşdur ki, bütün əsrlər boyu unudulmur. İmam Zaman (ə.f) onu gözəl örnək adlandırmışdır.   Həzrət Zəhra (s.ə) bütün insanlıq üçün bir nümunədir. Cəmiyyətşünasların nəzərinə görə, bir cəmiyyətin geridə qalmasının əsil səbəbi – cavanların layiqli örnəklərdən ibrət almamasıdır. Həzrət Zəhra (s.ə) bütün cavanlar üçün gözəl örnək ola bilər. Çünki bu banu eyibsiz və nöqsansızdır, kamil bir örnəkdir. Bütün cəmiyyət üçün nümunə olmaq qabiliyyətinə malikdir.   Həzrət Fatimə (s.ə) – müsəlman qadınların iffət nişanəsidir. Bu Xanım (s.ə) ancaq evində əyləşən xanımlardan deyildi. Tarix şahidlik edir ki, Xanım (s.ə) başqa qadınların dəvətini qəbul edər, atasının evinə gedib-gələrdi. Ühüd döyüşündə başqa qadınlarla bir yerdə yaralılara yardım edərdi. Məkkənin fəthində və vida həccində atası ilə birlikdə idi. Həzrət Həmzənin (ə) şəhadətindən sonra davamlı olaraq Ühüdə gedər və onun qəbrini ziyarət edərdi. Bəzən də Həzrət Peyğəmbəri (s) məxsus səhabələri ilə bir yerdə evinə dəvət edər və onlara xidmət edərdi. Bütün bu hallarda və zamanlarda iffət və hicab mövzusuna ən kamil surətdə diqqət göstərərdi.   Həzrət Zəhra (s.ə) həmişə bu düşüncədə olardı ki, qadın gərək insanlıq kəramətini dərk etsin və özünü başqalarının meyillərinə qurban etməsin. Həzrət Fatimə (s.ə) istəyirdi ki, hər bir qadın fəsaddan və əxlaqi rəzil sifətlərdən uzaq olsun və özünü qorusun.   Həzrət Əli (ə) buyurur: “Biz bir gün Peyğəmbərin (s) xidmətində əyləşmişdik. O, buyurdu: “Mənə xəbər verim görüm, hansı şey qadın üçün daha yaxşıdır?”. Heç kəs Həzrətin (s) cavabını verə bilmədi. Qalxıb dağıldılar. Mən Həzrət Fatimənin (s.ə) yanına gəldim və sualı ona dedim. Dedim ki, heç kim Peyğəmbərin (s) cavabını verə bilmədik. Xanım (s.ə) buyurdu: “Mən bu sualın cavabını bilirəm. Bir qadın üçün ən yaxşı şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Mən Peyğəmbərin (s) yanına qayıtdım və dedim: “Ya Rəsulallah! Bir qadın üçün ən üstün şey odur ki, heç bir kişi onu görməsin və o, da heç bir kişini görməsin”. Həzrət (s) təəccüb edərək buyurdu: “Siz ki, əvvəl burada idiniz və bir şey demədiniz. Bu cavabı haradan gətirmisən?”. Dedim: “Fatimədən (s.ə)”. Peyğəmbər (s) buyurdu: “Həqiqətən, Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır”.   Xanım (s.ə) bu dəyərli kəlamı ilə onu demək istəyirdi ki, iffətli qadın bacardığı qədər naməhrəm kişilərin olduğu yerlərdən çəkinməlidir. Əlbəttə, bu o demək deyildir ki, qadın ancaq evində əyləşməlidir. Xeyr, çünki Xanımın (s.ə) həyatına nəzər salan zaman görmək olur ki, özü də cəmiyyət içində olmuş və lazım olan zaman hətta xətiblik belə etmişdir. Bu hədisdə məqsəd odur ki, qadın naməhrəm kişilərin içində olan zaman öz danışıq və rəftar tərzinə diqqət etməli və əxlaqa zidd olan əməllərdən çəkinməlidir.   /Deyerler.org/  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Alimlərin həzrət Zəhra (s) barədə sözləri

Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır Zeynül-ərəb “Şərhül-Məsabeh”dən nəql edir: Fatimə (s) bətul (seçilmiş) adlanırdı. Çünki fəzilət, dəyanət və alicənablıq baxımından heç bir qadın ona tay ola bilmədi.” Hərəvi “Mənaqib”dən nəql edir: “Fatimə (s) bətul (ayrılmış) adlandı. Çünki oxşarı yox idi.” Kəmaləddin Məhəmməd ibn Təlhə Şafei deyir: “Onun yalnız özünəməxsus olan fəzilətləri vardı. Bu fəzilət Peyğəmbər (s) buyuruqlarında təsdiqlənmişdir. Onun yalnız bir şərafətli sifətinə çatmaq üçün ömür boyu rəqabət aparılar…” Şəmsəddin ibn Məhəmməd ibn Əhməd ibn Osman Zəhəbi: “Onun imtiyazları böyükdür. O səbirli, dindar, xeyirxah, qane və qədirbilən olmuşdur.” Süleyman Kətani (məsihi yazıçısı) deyir: “Fatimə pak, peyğəmbər fəzilətlərinin daşıyıcısı idi. Onda üstün əxlaqi səciyyələr vardı.” Ayişə: Atasından savayı Fatimədən üstününü görmədim.” Misir alimi Bintuş-Şati: “O peyğəmbərin qızları arasında ən sevimlisi idi. Peyğəmbərə hər cəhətdən daha çox oxşayırdı… Peyğəmbər əhli-beytinin (ə) onun nəslindən olması Allahın təqdiridir…” Ustad Əhməd Şəms Basi deyir: “Fatimə dünya qadınlarının ən üstünüdür. O axirətdə də qadınların xanımı olacaq.” Doktor Əli İbrahim Həsən: “Fatimənin (s) həyatı tarixdə görünməmiş əzəmətli bir həyatdır. Biz dünyanı nuruna boyamış bir şəxsiyyətlə üzbəüzük. Onun fəziləti filosofların və alimlərin kitablarından qaynaqlanmır. Problemlərlə dolu təcrübələr onu ərsəyə gətirmişdir. Onun əzəməti məqam və ya var-dövlətindən yox, ruhunun dərinliyindən qaynaqlanır. Yalnız Fatimənin (s) əzəməti Ayişəni məcbur etdi ki, “Fatimədən üstününü görmədim” söyləsin.” (“Elamun-nisa”)

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (ə) qəbirsanlıq ziyarəti

Həzrət Fatimə əleyhasalam kamil insanlıq nümunəsi olaraq bütün işlərində insanlara düzgün yaşamaq dərsini göstərmişdir. O xanım vacib və müstəhəb olan işlərin hamısını kamil şəkildə yerinə yetirmiş, insanları da o işlərə təşviq etmişdir. İslamda bəyənilən işlərdən biri də qəbirsanlıq ziyarətidir, təbii ki bu dünyada qəbirsanlıqlarda dəfn edilmişlər adətən yaxşı və pislərlə qarışıqdır, yəni hər bir qəbirsanlıqda yaxşı və mömin insanlar dəfn olunduğu kimi pis və əqidəsiz insanlar da dəfn edilmişlər. Qurani-kərim Tövbə surəsinin 84-cü ayəsində buyurur: وَ لَا تُصَلّ‏ِ عَلىَ أَحَدٍ مِّنهْم مَّاتَ أَبَدًا وَ لَا تَقُمْ عَلىَ‏ قَبرْهِ إِنهَّمْ كَفَرُواْ بِاللَّهِ وَ رَسُولِهِ وَ مَاتُواْ وَ هُمْ فَاسِقُونَ “Onlardan (münafiq və kafirlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma və onların qəbirlərinin yanında (ziyarət və dua etmək məqsədilə) dayanma, çünki onlar Allaha və Onun Peyğəmbərinə qarşı küfr etdilər və itaətsiz halda öldülər”. Odur ki, kafir və pis insanların qəbirlərini ziyarət etmək və onlar üçün rəhmət oxumaq qadağan edilmişdir. Allaha və Peyğəmbərə iman gətirmiş və yaxşı əməllərlə məşğul olmuş imanlı insanların qəbirlərini ziyarət etmək İslamda ən yaxşı əməllərdən sayılır. Yaxşı insanların qəbirlərini ziyarət etməyin çoxlu savabı olmasından əlavə ziyarət edən insanın imanının kamilləşməsi, əqidəsinin möhkəmlənməsi və bərzəx aləmi ilə rabitəsinin bərqərar olmasında böyük təsiri vardır. Həzrət Fatimənin (ə) həyatına nəzər saldıqda görürük ki, o xanım yalnız evdə oturmamış, ictimai vəzifələrini də yerinə yetirmişdir, istər –höccət tamamlamaq və sileyi-rəhm (qohumlarla əlaqə) kimi vacibləri istərsə də qəbirsanlıq ziyarəti kimi müstəhəb əməlləri yerinə yetirmiş və bu işi ilə bütün müsəlmanlara ülgü olmuşdur. Həzrət Fatimə (ə) tanıdığı imanlı insanları ölümlərindən sonra da unutmamış və mütəmadi olaraq onların qəbirlərini ziyarət edərək Allahdan onlar üçün bağışlanma istəmiş, onlara dua etmiş və Quran oxumuşdur. İmam Cəfər Sadiq əleyhissalam buyurur: عَاشَتْ فَاطِمَةُ س بَعْدَ رَسُولِ اللَّه ص خَمْسَةً وسَبْعِينَ يَوْماً لَمْ تُرَ كَاشِرَةً ولَا ضَاحِكَةً تَأْتِي قُبُورَ الشُّهَدَاءِ فِي كُلِّ جُمْعَةٍ مَرَّتَيْنِ – الإِثْنَيْنِ والْخَمِيسَ فَتَقُولُ هَاهُنَا كَانَ رَسُولُ اللَّه ص وهَاهُنَا كَانَ الْمُشْرِكُونَ “Fatimə (ə) (həzrət) Muhəmməddən (s) sonra yetmiş beş gün yaşadı, bu müddət ərzində heç kim onu xoşhal və gülən halda görmədi. Həftədə iki gün –bazar ertəsi və cümə axşamı günləri (ühüd döyüşündə) şəhid olanların qəbirlərini ziyarət edər və həzrət Peyğəmbərin (s) müşriklərlə döyüşdüyü yeri dəqiqliklə göstərərdi”. əl-Kafi 4-cü cild 561-ci səhifə Bu hədisdəm məlum olur ki, həzrət Fatimə (ə) Ühüd döyüşündə iştirak etmiş və oradakı hadisələri gözü ilə görmüşdür. Başqa bir hədisdə oxuyuruq: ان فاطمه کانت تأتی قبور الشهداء فی کل غداة سبت فتأتی قبر حمزة و تترحم علیه و تستغفر له “Fatimə (ə) şənbə günləri səhər çağı Ühüdə gələrək şəhidlərin qəbirlərini ziyarət edər, sonra isə (Peyğəmbərin əmisi həzrət) Həmzənin qəbri üstündə dayanaraq ona rəhmət oxuyar və onun üçün istiğfar edərdi”. Əvalim 11-ci cild 222-ci səhifə Bəli, xanım Fatimə əleyhasalam bəzi vaxtlar şənbə günləri, bəzi vaxtlar isə bazar ertəsi və cümə axşamı günləri qəbirsanliq ziyarətinə gedər və şəhidlərin qəbirlərini ziyarət edərdi. Atası həzrət Muhəmməd səllAllahu əleyhi və alih vəfatından sonra isə hər gün Bəqi qəbirsanlığında ağlamaq, dua, münacat və Quran oxumaqla atasının ayrılığına dözə bilmədiyini göstərmişdir. Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?   Rza Əzizoğlu İrəvani

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrəti Fatimənin (s.ə) şəhadəti

Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz onun cigərparası Həzrəti Zəhra (s.ə) da bu fani dünyadan gedəsi oldu. Həzrəti Əlinin (ə) güclə beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə qapının bağlı olduğunu görüb evə soxulmaq istədi. Qapının arxasında dayanıb gələnlərə nəsihət etmək istəyən xanım Zəhranın (s.ə) sanki heç Peyğəmbər qızı olmasına məhəl qoymayan bu inadkar dəstə qapını yandirmaq qərarına gəldi. Az sonra isə yarıyanmış qapını vurub sındıraraq içəri daxil olanlar qapı arxasında ölümcül vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir vermıdilər. Beləliklə, xanım Zəhra (s.ə) dörd (beş) məsum körpənin anası yanıq qapı mismarının sinəsini dəlməsi qabırğasının sınması və aldığı digər ağır yaralar nəticəsində 18 yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu Sonda sözümüzü Peyğəmbərin (s) və imam Həsənin (ə) Fatimə (s.ə) barədə buyurduğu iki hədislə bitiririk:. Peyğəmbər (s) buyurmuşdur: “Məryəm öz əsrinin qadınlarının xanımı idisə, qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün dünyanın qadınlarının xanımıdır”. İmam Həsən Hüctəba (ə) buyurmuşdur: “Biz Allahın yer üzərində insanlara olan höccətiyik, Fatimə(s.ə) Allahin bizə olan höccətidir”. İstifadə olunmuş ədəbiyyat: 1)Fəzailul-xəmsə. 2) Üsuli- kafi. 3) Təzkirətul- xəbas. 4) Kənxul- həqayiq. 5)Zəxairul- uqba. 6)Rəyahinuş- şəriət. 7)Əmaliye şeyx Səduq.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Peyğəmbər (s) –ın Fatiməyə (s.ə) olan məhəbbəti

Peyğəmbər (s) buyurmuşdur: “hər zaman behişti arzulasam, Fatimənin (s. ə) boğazından öpürəm. Peyğəmbərin, (s) məhbubu kişilərdən Əlidir (ə) qadınlardan Fatimə (s. ə) Peyğəmbər (s) buyurmuşdur: Fatimə bədənimin parəsidir kim onu sevindirsə məni sevindirib, kim ona pislik etsə, mənə pislik etmişdir. Hədisdə deyilir: Peyğəmbər (s) Fatiməni (s.ə) elə istəyirdi ki, hər zaman səfərə getsəydi, vidalaşdığı axırıncı şəxs Fatimə (s.ə) olardı, eyni zamanda səfərdən qayıtdıqda, ilk görüşdüyü şəxs yenə Fatimə (s.ə) olardı. Peyğəmbərin (ə) Fatiməyə (s.ə) olan sonsuz məhəbbətini ifadə etdirən “ey atasının sevimlisi”– kimi kəlamlarını misal göstərmək olar. Qeyd etməliyik ki, Allaha daha yaxın olan insanlar öz övladlarını,yaxın qohumlarını, əqrabalarını və dostlarını nəfsani duyğular üzündən sevməmişlər. Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərlərinə olan sevgiləri isə elə yenədə Allahın özünə görə qayıdır və ona xatir olur.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Fatimeyi Zəhranın (s.ə) adları

Adətən adlar onun Sahiblərinin necəliyini bəyan edir. Əlbətdə əgər bu adqoyma hikməti bir şəxs vasitəsi ilə həyata keçsə. Hədislərdən məlum olurki, Fatimənin adını Allah Taala özü qoymuşdur. Peyğəmbər (s) bu barədə buyurur: ” ona Fatimə adı ona görə qoyulub ki, Allah Taala o və onun dostlarını və onu sevənləri cəhənnəm atəşindən saxlayır”.Bu ifadədən belə başa düşülür ki, Fatimənin Fatimə adlanması Allah tərəfindən olmuşdur və məması budurki, o, onu sevənlər və onun yolu ilə gedənlər heç vaxt cəhənnəmə daxil olmazlar. Yunis ibn Zəbyan İmam Sadiq (ə) –dan rəvayət edir: “Fatimənin (s.ə) Allah dərgahında doqquz adı vardır” Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, mühəddəsə, Zəhra” sonra buyurdu: Fatimə adının mənasını bilirsənmi?” Ərz etdim ki, ey mənim ağam, onun mənasını mənə başa sal! Buyurdu: “Futimət minəş-şər”-yəni hər cür pislikdən ayrılmış (və ya seçilmiş. Təmizlənmiş.) Sonra buyurdu: Əgər möminlər ağası Əli (ə) olmasaydı, Fatimə (s.ə) üçün Adəmdən tutmuş qiyamətə qədər yer üzündə həyat yoldaşı tapılmazdı”.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Fatimənin (s.ə) necə doğulması

Fatimənin (s.ə) necə doğulması Şüyx Səduq yazır: Müfəzzəl ibn Ömər yazır: bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə(s.ə) dünyaya necə gəldi? İmam Sadiq(ə) buyurdu: “Xədicə Peyğəmbərlə evəndikdən sonra Məkkə qadınları (islama qarşı düşmənçiliklərinə görə) ondan uzaqlaşdılar. Beləki, qadınlar nə Xədicənin (s.ə) evinə gedir, nə də yolda onu gördükdə salam verirdilər. Hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, Xədicə (s.ə) bütün bunlardan kədərlənir və bu çirkin əməllərin Peyğəmbərə (s) zərər yetirəcəyindən qorxurdu. Amma Fatimə (s.ə)Xədicənin (s.ə) bətnində olduğu halda anası ilə söhbət edib ona ürək- dirək verirdi. Xədicə hətta bu məsələni də Peyğəmbər (s) –dan gizlədirdi. Bir gün Allahın rəsulu evə daxil olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini eşidir və bu barədə ondan soruşduqda o pak qadın belə cavab verir: “bətnimdəki uşaq mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir. Peyğəmbər (s) buyurdu: “Cəbrail (ə) mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, nəslimizdə budur. Allah Taala tezliklə mənim nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir. İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah Taala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra ) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir”. Xədicə (s.ə) Fatiməni dünyaya gətirən zaman Məkkə qadınlarından heç biri onun köməyinə gəlmədilər. Lakin Allah Taala onu tək qoymadı. Qəflətən Bəni Haşim qadınlarına bənzər buğdayı, hündür qamətli dördqadın evə daxil oldular. Xədicə (s.ə) onları gördükdə qorxdu. Onlardan biri dedi: “Ey Xədicə, kədərlənmə, biz Allah tərəfindən gəlmişik. Biz sənin bacılarınıq. Mən Sarayam (İbrahim peyğəmbərin (s) həyat yoldaşı.) ,Bu müzahimin qızı Asiyadır. (Fironun həyat yoldaşı) O sənin cənnətdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah bizi sənin yanına, hamiləlikdən azad olmaqda sənə kömək etmək üçün göndərmişdir. Onların köməyi ilə Fatimə (s.ə) pak- pakizə dünyaya gəlir. O, dünyaya gələn zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırırdı. Behişt hurilərindən on nəfər əllərində cənnətdən gətirdikləri teşt və kovsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında duran qadın Fatiməni (s.ə) götürüb kosər suyu ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu bələyib, digəri ilə isə başını bağladı. Sonra Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu olmasına şəhadət verdi. Sonra o dörd qadının hər birinə ayrı- ayrılıqda salam verib hər birinin öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimənin mövludu münasibəti ilə təbrik söyləyib müjdə verirdilər. (bu hədis ixtisarla yazılmışdır) Allah Taala bu bərəkətli mövludun müjdəsini kovsər surəsini Peyğəmbərə nazil etməklə verdi.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Zəhranın (s) səmavi həyatı

Bismillahir-rəhmanir-rəhim Əhli-beyt (ə) insanın ürəyini özünə tərəf cəzb edir. Məvəddət ayəsinin batini də buna işarə edir: «قُلْ لا أَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلاَّ الْمَوَدَّةَ فِي الْقُرْبى» “(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm”[1]. Yəni ürək verin. Ürək irəli gəldikdə ağıl, insanın digər qüvvələri və bədən üzvləri də işə düşür. İnsanın ürəyi hara meyl etsə, onun ayağı da ora gedir. Milyonlarla insan uzaq-uzaq yerlərdən piyada Kərbəlaya gedirlər. İnsanın ürəyi onun bədənini İmamların (ə) ziyarətinə aparır. Cismin ziyarətindən qabaq ürək onları ziyarət edir və istədiklərini alır, onlarla vəhdətə yetişir. Ürək nur vadisinə gedir, cism və bədəni də nurlandırır. Elə ki, Əhlli-beytin (ə) adı gəlir, ürək, o vadiyə gedir və insan daha başqasına ürək verə bilmir. Məşuqun olduğu yerdə başqa heç nə yoxdur. Heç mümkündür ki, insan öz məşuqu ilə bir yerdə olsun, amma ondan başqasına baxsın?! Əgər məşuqundan başqasına diqqət etsə, deməli, hələ eşq yoxdur. Eşq, fəna olmaq, özündən və hamıdan ayrılıb məşuqa ürək bağlamaq deməkdir. Biz “məvəddət” ayəsinin batininə yetişməmişik. Təkcə iddia edirik və özümüzün heç nəyimiz yoxdur. İmam Hüseyn (ə) buyurur: “İnsanın həqiqətləri iddiadır. Bəs necə iddiaları iddia olmasın?!”[2] Həqiqəti “heç” olan insan iddia edir! Həqiqəti iddiadır, amma iddia edir! Bu iddia heçdə heç deməkdir. Biz, heçdə heçik və bir şey deyilik. Hamısı onların lütfüdür. Həqiqəti dərk etmək lazımdır. Bu dərk adi dərkdən fərqlidir. Seyri-süluk etmək, bunu başa düşmək üçündür. Yoxsa mövzunu oxumaqla da başa düşmək olar. Amma seyri-süluk həqiqəti dərk etmək üçündür. Məna aləmində süluku başa düşmək insanın həqiqəti başa düşməsinə səbəb olur. Bu insan ruhunun qidasıdır. Əgər bir kəs Fatimeyi-Zəhraya (s) qarşı mərifət əldə edə bilsə, məvəddət ayəsinin həqiqətini başa düşər. Həzrət Zəhranın (s) həyatı səmavi idi. Fədək xütbəsinin başlanğıcında ağladı. Belə ki, bütün məclis əhlini ağlatdı. Hamının ürəyi onun iradəsinə tabe oldu. Həzrət (s) sükut etdikdən sonra hamı sakit oldu. Ravi deyir: “O ayağa qalxdı və səmaya baxıb buyurdu: “Şükürlər olsun o Allaha ki, bizə yer üzünün sonsuz nemətlərini bəxş etdi, həqiqətləri və mərifətləri üzə çıxardı və onları möhkəmlətdi. Şükürlər olsun o Yaradana ki, bəxş etdiyi bol nemətlər davamlı və sonsuz oldu, hamının ehtiyaclarını tam surətdə ödədi. Elə nemətlər bəxş etdi ki, saya-hesaba gəlmir, onların şükrü üçün tərifli söz tapılmır və davamlığını dərk etmək adi insan idrakının xaricindədir. Allah-təala bu nemətləri bəxş etməklə bəndələrini Ona şükr etməyə çağırdı. Və həmin nemətləri artırmaqla bəndələrini Yaradana dua və sitayiş etməklə onlara yiyələnməyə dəvət etdi”[3]. Öz həqiqi Məşuqunu vəsf etməyə başladı. Bütün məclisi tövhidə qərq etdi. Bu zaman səmay baxdı. Yəni mən Yer əhlinə mənsub danışmıram və qeybə qovuşmuşam. Yer əhlindən deyiləm, səma əhliyəm. Bu, həzrət Zəhranın (s) həyatının Allahla bağlı olmasını göstərir. Əhli-beytin (ə) idrakı bütün ağılların dərkinin fövqündədir. Sirri anlamaq üçün uyğunluq lazımdır. Əgər sirri başa düşmək istəyirsənsə, sirr olmalısan, nuru dərk etmək üçün nur olmalısan. Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu ————————————————- [1]. “Şura” surəsi, ayə 23. [2] . “Biharul-ənvar”, c. 95, səh. 225 [3] . “Bəlağətun-nisa”, səh. 27. “Dəlailul-imamiyyə”, səh. 111.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimə (s) Allahın sirridir

Bismillahir-rəhmanir-rəhim “Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!”[1] “Kövsər”, Peyğəmbəri-ərkəmə (s) verilmiş Allahın sirridir. Ağıl həqiqətin aşağı mərhələsini dərk edə bilər, amma yuxarı mərtəbələri dərk etmək üçün sirr olmaq lazımdır. Üveys Qərəni kimi. Çöllərdə dəvə otaran olmasına baxmayaraq onun dərk edə bildiyini başqaları dərk edə bilmirdi. İmam Həsən Əskəri (ə) buyurur: “Biz Allahın camaata olan höccətiyik, Fatimə(s) isə Allahın bizə olan höccətidir”[2]. Müasir nəsil üçün örnək yoxluğu böhran yaratmışdır. Halbuki, Mütəal Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu sizlər üçün gözəl örnəkdir!”[3] İnsan üçün örnək lazımdır və bu fitri bir məsələdir. İnsan bütün həqiqətləri bir insanlıq formasında görməyə çalışır. Sirrin nəzəri olmasını istəmir. Əgər insan dünyanın harasındasa belə bir insanlıq örnəyinin olduğunu bilsə, onun vücudundakı həqiqətin özündə də olmasını istəyir. Belə bir şəxs cahanşümuldur, amma dünyanın bir küncündə qalıb. Onun danışması, bir söz deməsi lazım deyil. Həzrət Ayətullah Behcət (rh) dünyanın bir qırağında oturmuşdu. Mənəviyyat, Günəş nuru kimi ondan hər tərəfə saçırdı. Onun nurunun şüası bütün şiə aləminə yetişirdi. Həzrət Fatimeyi-Zəhra (s) elə bir şəxsiyyətdir ki, bütün ilahi insanlar onu özünə örnək olaraq qəbul edirlər. Höccət olanlar, özlərindən üstün anaları Fatiməni (s) özləri üçün höccət bilirlər. İmam Zaman (əc) ilk xütbəsində buyurur: “Peyğəmbərin (s) qızında mənim üçün gözəl örnək vardır”[4]. Yəni, mənim həyatımın örnəyi həzrət Zəhradır (s). O, ilahi şəxsiyyətlərini əsası və Əhli-beyt (ə) xeyməsinin sütunudur. Əllamə Məclisi “Biharul-ənvar” kitabında yazır: “Übeyd Hərəvi “Ğəribin” kitabında yazıb: Həzət Fatimə (s) və həzrət Məryəmin (s) ləqəblərindən biri də Bətuldur. Həzrət Məryəm (s) ona görə Bətul adlanıb ki, kişilər onun həriminə daxil olmayıblar. O, bütün kişilərdən uzaq gəzirdi. Həzrət Fatimə (s) ona görə Bətul adlanıb ki, dünyada onun kimisi yox idi. O, varlıq aləminin və vücudun ruhudur. Onun vücudu möcüzədir”[5]. Şiə və əhli-sünnədən mütəvatir şəkildə nəql olunan hədisdə deyillir ki, Peyğəmbər (s) buyurdu: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[6]. Onun sevinci ilə sevinir, onun qəzəbi ilə qəzəblənir. Bu rəvayəti təhlil etmək lazımdır. Burada çox dərin mətləblər vardır və Allahın Rəsuli-əkrəmə (s) buyurduğu bu ayə ilə uyğundur: “(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı”[7]. Mütəal Allah buyurur: “Ox atan Mənəm”. Yəni fel məqamında Peyğəmbəri-ərkəmin (s) iradəsi Allahın iradəsində məhv olmuşdur. Həmçinin, Fatimənin (s) də iradəsi Allahın iradəsində məhvdir. Fatimənin (s) qəzəbi, Allahın qəzəbinin zühurudur. Fatimə razı olsa, Allahın razılığının zühurudur. Ona görə də biz Fatimənin (s) razılığını qazana bilsək, onda bütün razılığı qazanmışıq. Seyri-süluk budur. Seyri-süluk, Əhli-beytin (s) astanasında fani olmaqdır. Bizim bütün işlərimiz Əhli-beytin (ə) astanasına çatmaq, onların həyatda və ürəkdəki varlarından bizim həyatımız və ürəyimizdə də zühur etməsini əldə etmək üçün müqəddimədir. Peyğəmbəri-əkrəm (s) bu bəyanı ilə bütün müsəlmanların hidayət olması və düz yoldan sapınmaması üçün yol göstərmişdir. Şiə və əhli-sünnədən mütavatir surətdə nəql olunan bu hədisə hər kəs əməl etsə, hidayət olacaqdır. Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu ———————————————– [1] . “Kövsər” surəsi, ayə 1.[2] . “Əvalimul-ulumi vəl-məarifi vəl-əhvali minəl-ayati vəl-əxbari vəl-əqval”, c. 11, səh. 1030.[3] . “Əhzab” surəsi, ayə 21.[4] . Tusi, “Əl-ğeybə”, səh. 286.[5] . “Biharul-ənvar”, s. 43, səh. 16.[6] . “Məanil-əxbar”, səh. 303.[7] . “Ənfal” surəsi, ayə 17.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimə (s) yaradılışın ləylətul-qədridir

Bismillahir-rəhmanir-rəhim Peyğəmbəri-əkrəm (s) buyurdu: «إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى لَيَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا» “Allah Təbarək və Taala Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[1]. Yəni, Fatimənin fel və iradəsi Allahın fel və iradəsində fəna olmuşdur. Kövsər budur. İnsan bu məqama çatmayınca kövsər olmur və həyatın hər tərəfindən bütün aləmə cari olan çoxlu xeyrə çatmır. Bu da fel, sifət, isimdə fəna olmaq deməkdir. Hətta bəziləri deyiblər ki, zatda da fəna olmaq mümkündür. Buradadır ki, həzrət Fatimə (s) yaradılışın “ləylətul-qədr”i olur. “Ləylətul-qədr Fatimədir”[2]. Bunun mənası odur ki, ömrünüzün hər anının min aydan üstün olması üçün Fatimənin (s) süfrəsi başında oturun. “Qədr gecəsi min aydan üstündür”[3]. İmam Sadiq (ə) buyurdu: “Həzrət Zəhra (s) tövhidin çıraqdanıdır”[4]. Allahın yer üzündə çıraqları vardır və onların hamısı Fatimənin (s) vücudunda qoyulmuşdur. Bütün məsum imamların (ə) nuru, anaları Fatimədə (s) təcəlli etmişdir. Mütəal Allah “Nur” surəsində buyurur: «اللَّهُ نُورُ السَّماواتِ وَ الْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكاةٍ فيها مِصْباحٌ الْمِصْباحُ في‏ زُجاجَةٍ الزُّجاجَةُ كَأَنَّها كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبارَكَةٍ زَيْتُونَةٍ لا شَرْقِيَّةٍ وَ لا غَرْبِيَّةٍ يَكادُ زَيْتُها يُضي‏ءُ وَ لَوْ لَمْ تَمْسَسْهُ نارٌ نُورٌ عَلى‏ نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشاءُ وَ يَضْرِبُ اللَّهُ الْأَمْثالَ لِلنَّاسِ وَ اللَّهُ بِكُلِّ شَيْ‏ءٍ عَليمٌ» “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”[5]. Allahın nurunun nümunəsi vardır. Bizim dərk edə bilməyimiz üçün həqiqətləri endirir, nümunə və misalla başa salır. Biz həqiqətin özünü dərk edə bilmək gücünə qadir deyilik. Həqiqəti dərk etmək üçün həqiqətin özü olmaq lazımdır və tövhid çıraqdanının ardınca getməliyik. Zülmət aləmindən və nadanlıq qaranlığından nicat tapmaq üçün tövhid çıraqdanının nurundan istifadə etməliyik. “Yer sizin nurunuzla nurlanır və sizin vilayətinizin feyzi ilə feyzə çatır”[6]. Yəni, siz Əhli-beyt (ə) aləmdə saçan tövhid günəşisiniz və aləmin nuru sizdəndir, bütün aləm sizin vücudunuzun ardıncadır və siz işıq salırsınız. “Allaha göylərin və yerin nurudur”. Aləmin nurunun hamısı Allahdandır və bu nur tövhid çıraqdanında zühur etmişdir. Tövhid çıraqdanı isə Fatimeyi-Zəhranın (s) vücududur. Bu nuru görmək üçün gözün varmı? Bəsirətin var, yoxsa təkcə gözün var? Baxışın sərrastdır, ya yox? “Sən bu gün sərrast görürsən!”[7] Qiyamət günü baxışlar sərrastlaşar. Amma indi insan nəfs qiyamətinə yetişsə, nə etdiyini başa düşər, elə indi qiyamət baş verər. Süluk da bunun üçündür. Pisliklər və çirkinliklər insanın ruhuna ariz olur, bizimlə Fatimə (s) arasınca pərdə yaradır. İnsanlar, hicablara düçar oldular və Fatiməni (s) görmədilər. Biz, Fatiməyə (ə) möhtacıq. O bizim vücudumuzun və bütün varlığın günəşidir. O, tövhid çıraqdanıdır. Yəni, onun vücudu olmadan tövhid aləmdə təcəlli etmir. Həzrət Fatiməni (s) bəsirət gözü ilə görmək lazımdır. Qurani-kərim bəşərin müşkülü barədə buyurur: «وَ إِنْ تَدْعُوهُمْ إِلَى الْهُدى‏ لايَسْمَعُوا وَ تَراهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَ هُمْ لايُبْصِرُونَ» “Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”[8] Bu camaat sənə baxırlar, amma səni görmürlər, gözləri var, bəsirətləri yoxdur, zahiri görürlər, amma batinini görə bilmirlər, başlarında göz var, amma ürəklərində göz yoxdur. Onları hidayətə doğru çağırsan, eşitməzlər. Ürək gözün olsun və bəsirətli ol. Zahiri görmə, batinə bax. Buyurur: «سَنرُيهِمْ ءَايَاتِنَا فىِ الاَفَاقِ وَ فىِ أَنفُسِهِمْ حَتىَ‏ يَتَبَينَ‏َ لَهُمْ أَنَّهُ الحْق» “Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik”[9]. Ən üstün zikr odur ki, Allahı təkcə dildə “Allah, Allah” deməklə yox, varlıqda görəsən. Amma ürəyimiz qafil olub və öz işlərinin ardınca gedir. Namaz qılırıq, amma üzümüz mehraba, qəlbimiz bazara. Bir mərifət əhli dedi: “Sərvi gördüm, sənin qamətin yadma düşdü. Gülü gördüm, camalın ürəyimi apardı, suyu gördüm özümü həyata qərq olmuş gördüm”. Biz insanlar bütün həqiqətləri aşağı tutmuşuq, ona görə də çarəsiz olmuşuq və təkcə zahiri görürük. İmam Sadiq (ə) yuxarıdakı ayənin barəsində buyurur: “Üfüqlərdə və özümüzdə görməli olduğunuz nişanələr bizik. Bizdən böyük nişanə nə ola bilər?”[10] Nəfs və canında onları müşahidə etməlisən. Məhəbbət, Əhli-beytdə (ə) fəna olmaqdır. Əgər ürəyin o vadiyə getsə, sonsuz məhəbbətdən sonra fənaya yetişir. Məhəbbət, ürəyin fəna olması üçün bir müqəddimədir. Fənaya yetişdikdən sonra rahat olur. Ürək elə bir mərhələtə çatır ki, Seyid Bəhrül-Ülumun sözü ilə desək, insanın ürəyindən göyərçin səsi kimi bir səs eşidilir və rahatlıq tapır. Əhli-beyt (ə) varlığın ruhu və canıdır. Aləmin küllü ruhu onlardır. Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu —————————————————– [1] . “Məanil-əxbar”, səh. 303.[2] . “Təfsiri Fərati-Kufi”, səh. 581.[3] . “Qədr” surəsi, ayə 3.[4] . “Təfsiri Qumi”, c. 2, səh. 103.[5] . “Nur” surəsi, ayə 35.[6] . “Mən la yəhzəruhul-fəqih”, c. 2, səh. 616.[7] . “Qaf” surəsi, ayə 22.[8] . “Əraf” surəsi, ayə 198.[9] . “Fussilət” surəsi, ayə 53.[10] . “Kamuluz-ziyarat”, səh. 329.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı Bakı, 18 mart, SalamNews, M.Sadiq. “Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud tarixi ən böyük ilahi nemətlərdən biridir. Bəşəriyyətə nümunə olaraq göndərilmiş bu Xanımın mövlud tarixini qeyd etmək, bir növ, insanların ilahi dəyərlərlə tanış olmasıdır. Bu, insanları öz həyatlarınında ilahi nümunələri tətbiq etməyə təşviq edir”. Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Samir Ağayev bildirib. İlahiyyatçı deyib: “Biz Xanımın həyatından çox şey öyrənə bilərik. Öyrənəcəyimiz nümunələrindən biri Həzrət Zəhranın (ə) öz atası İslam peyğəmbərilə (s) qarşılıqlı hörmət əsasında davranması, ata-övlad münasibətləri, həmçinin peyğəmbərə necə yanaşmasıdır. Rəsulallaha (s) necə dəyər verilməlidirsə, bunun nümunəsini biz Xanım Zəhranın (ə) rəftarında görə bilərik. Təsəvvür edin ki, Xanım Fatimeyi-Zəhra (ə) peyğəmbərin (s) məqamını o qədər yüksək tuturdu ki, bu, təkcə ata-övlad münasibəti deyildi, bunun fövqündə olan bir hörmət, ali bir dəyər idi. Xanım heç vaxt Allah rəsuluna “ata” deyərək müraciət etmirdi, “Ya Rəsulallah” deyə müraciət edərdi. Həzrət peyğəmbər (s) bir gün ondan soruşanda ki, niyə ata deyə çağırmırsan, Xanım belə buyurdu: “Allahın “Ya Rəsulallah” xitabından xoşu gəlir. Mənim dini hisslərim doğmalıq hissimdən daha üstündür olduğu üçün “Ya Rəsulallah” deyə müraciət edirəm”. Buradan görürük ki, peyğəmbərə verilən yüksək dəyər Həzrət Zəhranın (ə) ən gözəl rəftarlarından biridir. Həzrət Fatimədən (s) öyrənə biləcəyimiz dərslərdən biri də onun ailədaxili münasibətləridir. Xanımın Həzrəti Əli (ə) ilə rəftarı da bizim üçün bir dərsdir. Xanım heç vaxt öz həyat yoldaşını incitmədi, ondan çətin bir şey tələb etmədi, özü elə xəstə yatağında olarkən buyurdu: “Ey əmimoğlu, heç vaxt sənə yalan danışmadım, sözündən çıxmadım və heç vaxt sənə xəyanət etmədim.” Həzrəti Əli (ə) onun cavabında buyurdu ki: “Ey peyğəmbərin (s) övladı, mən bilirəm ki, sən gözəl xanımsan, Allahdan ən çox qorxan, təqvalı, elmli qadınsan. Təbii ki, sən dediyin bu əməllər heç vaxt baş verməyib”. Xanım Zəhranın (ə) mövqeyindən biz haqqı tapa bilərik. Çünki Xanım Zəhra (ə) peyğəmbərin yetişdirdiyi, peyğəmbərin tərbiyəsi ilə böyümüş bir qadın idi və insalara nümunə kimi göstərilən bir xanım idi. Xanımın Həzrət Rəsuli-Əkrəmin (s) vəfatından sonra tutduğu mövqe bütün müsəlmanlar üçün bir hidayət çırağıdır, biz də onun həyatına, rəftarına baxıb öz yolumuzu müəyyənləşdiririk. Çünki Həzrət Fatimə (ə) bizə İmaməti, vilayəti tanıtdırdı. Bu mövlud günlərində də bizim borcumuz onun həyatı ilə yaxından tanış olmaq, Xanımın kəlamlarını, əxlaqını, rəftarını öz həyatımızda tətbiq etməkdir”.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimənin (ə) əxlaqı

. Qurani-kərim Fəcr surəsinin 27 – 30-cu ayələrində buyurur: يَأَيَّتهُا النَّفْسُ الْمُطْمَئنَّةُ ارْجِعِى إِلىَ‏ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً فَادْخُلىِ فىِ عِبَادِى وَ ادْخُلىِ جَنَّتىِ “Ey arxayın olmuş nəfs. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq. Mənim bəndələrimin sırasına daxil ol! Və Mənim cənnətimə daxil ol!” İnsanın dünya və axirət səadətini əldə etməsi üçün onun Qurani-kərimin yaşayış üslubuna malik olması lazımdır. Qurani-kərimin bizlərə təqdim etdiyi yaşayış üslubunun əsasını hər bir işi Allahın razılığına görə görmək, hər bir sözü Allahın razılığına görə demək, hər bir hadisəyə Allahın razılığına görə rəy bildirmək təşkil edir. Əgər biz həyat addımlarını Allahın razılığına xatir atarıqsa əməli şəkildə bütün dünyaya Qurani-kərimin yaşayış üslubunu göstərmiş olarıq. Xanım Fatimə əleyhasalam həyatı büsbütün Allahın razılığına xatır olan kamil insandır. Həzrət Fatimənin (ə) həyat səhnələrinin hamısında Allahın razılığının başqalarının razılığı fövqündə olduğu aşkar şəkildə görünür. O məsum xanım (ə) üçün Allahın razılığı yeganə hədəf olmuşdur. Vəhy mələyi Cəbrail həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- yanına gələrək “ey Allahın Rəsulu! Allah mənə taşırdı, sənə deyim ki, qızın Fatimədən onun istəyini soruşasan. Allah vəd edir ki, həmin istəyi mütləq qəbul edəcəyəm” dedikdə həzrət Muhəmməd (s) qızı Fatimənin (ə) evinə gələrək buyurdu: “Qızım, Allahdan nə istəyirsən? Cəbrail mənə xəbər gətirib ki, sənin hacət və istəyini Allah qəbul edəcəkdir. Xanım Fatimə (ə) buyurdu: “Atacan! Mən Allahdan Onun özünü istəyirəm!” Bəli, belə bir kamillik zirvəsində olan qadın təkcə qadınlar üçün yox, əksinə bütün bəşəriyyət üçün nümunə və örnək olmaq haqqına malikdir. Həzrət Fatimə əleyhasalam üçün çoxlu elçilər gəlmişdi. Onların arasında var-dövlət sahibləri olanlar da vardı. Onların arasında Ədürrəhman ibn Ovf da vardı ki, o var-dövlətini Peyğəmbərin (s) üzünə çəkərək dedi: “Fatiməni (s) mənimlə evləndir, əvəzində sizə min qırmızı tüklü dəvə və on min dirhəmlik ev verəcəyəm.” Mənaqibi ibn Şəhr Aşub 3-cü cild 245-ci səhifə . Belə bir varlı elçiləri olduğu halda həzrət Fatimənin (s) yalnız Allahın razılığını düşünürdü. Əmirəlmöminin Əli əleyhissalam günlərin birində Allahın Rəsulunun (s) evinə gələrək Fatimə (ə) üçün elçilik etdikdə həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- qızına buyurdu: “Qızım! Əmin oğlu Əli sənin üçün elçiliyə gəlib, onun həyat yoldaşı olmağa razısanmı?!” Həzrət Fatiməin (ə) atası Peyğəmbərə (s) ilk sualı bu oldu ki; أرَضِیَ اللهُ (Mənim Əlini seçməyimdən) Allah razıdırmı?! “Onun pulu varmı ya yoxmu?” , “evi haradadır və necədir?!” , “miniyi varmı yoxmu?!” və sair bu kimi dəbdə olan sualların heç bir olmadı, o Xanımın (ə) seçimində. Onun üçün mühüm olan Allah Taalanın bu işdən razı olması idi. Allah razıdırsa, deməli Fatimə (ə) də razıdır. Çünki həzrət Fatimə (ə) dünya və axirət xoşbətliyinin Alların razılığında olduğunu bilirdi. Elə buna görə də Əbdürrəhmanın on min dirhəmlik evini yox, Əli əleyhissalamın kiçik və sadə evini seçdi. Həmin evdə dünyaya “qiyamət gününə qədər bütün insanların ülgü və nümunəsi olan” Həsən, Hüseyn və Zeynəb (onların hamısına Allahın salamı olsun) göz açmış və tərbiyə almışlar. Həmin evə dəfələrlə vəhy mələyi Cəbrail enmişdir, mələklərin get-gəl yeri olmuşdur həmin ev. Elə isə, bizim hamımızın məqsəd və məramımız Allahın razılığı olmalıdır.   RZA ƏZİZOĞLU İRƏVANİ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...