Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 04.02.2025

SÜFRƏ İLƏ BAĞLI BƏZİ QAYDALAR

SÜFRƏ İLƏ BAĞLI BƏZİ QAYDALAR https://ia801608.us.archive.org/16/items/su-fr-i-l-bag-li-b-zi-qaydalar/SÜFRƏ%20İLƏ%20BAĞL%20BƏZİ%20QAYDALAR.mp3 Birgə yemək: Peyğəmbərdən (s) gələn bir sıra hədislərdə süfrəyə birgə oturmaq tövsiyə olunmuşdur: “Allah dərgahında ən sevimli xörək odur ki, ona uzanan əllər çox olsun, Birgə yemək yeyin, dağılışmayın. Çünki xeyir-bərəkət birlikdədir”. “Sizin ən pisləriniz tək yemək yeyənlərdir”” “Xeyir-bərəkətt üç şeydədir: bir süfrə başında oturmaqda, səhər yeməyi yeməkdə və sıyıq (sulu yemək) yeməkdə” “Yemək dörd xüsusiyyətə malik olduqda mükəmməlləşir: halal yeməklər yemək, birgə yemək, “Bismillah”la başlamaq və “Əlhəmdu lillah”la bitirmək”: “Tibb ən-nəbi” 19 və 21. “Əl-Kafi” c. 2, səh. 292. “Tibb ən-nəbi” 20. “Əl-Kafi” c. 6, səh. 273.  

Dua 04.02.2025

Zələl qorxusundan qorunmaq üçün dua

İmam Sadiq(ə) buyurub: Zəlzələnin dağıntısının altında qalmaqdan qorxduğun zaman yatanda (Fatir surəsi, ayə 41-i) oxu. Ərəbi mətni { ۞ إِنَّ ٱللَّهَ یُمۡسِكُ ٱلسَّمَـٰوَ ٰ⁠تِ وَٱلۡأَرۡضَ أَن تَزُولَاۚ وَلَىِٕن زَالَتَاۤ إِنۡ أَمۡسَكَهُمَا مِنۡ أَحَدࣲ مِّنۢ بَعۡدِهِۦۤۚ إِنَّهُۥ كَانَ حَلِیمًا غَفُورࣰا }Oxunuşu: İnnəllahə yumsikus-səməvəti vəl ərda ən təzulə, və lə in zələtə in əmsəkəhumə min əhədin min bədihi, innəhu kənə həlimən ğafura. Tərcüməsi Şübhəsiz, Allah göyləri və yeri (varlıq aləminin nizamından) çıxmaması və zavala uğramaması üçün (qoruyub) saxlayır və əgər (onlar) zavala uğrasa və (yolundan) azsa, əsla Ondan (Allahdan) başqa onları heç kəs (qoruyub) saxlaya bilməz. Əlbəttə ki, O, həmişə həlim və bağışlayandır.(Fatir surəsi 41) Mənbə:Təbərsi, Məkarimül-əxlaq, s.290

Pak sülalə 04.02.2025

Həzrət Zeynəbin (s.ə) həyatına qısa bir baxış

https://ia904703.us.archive.org/9/items/hzrt-zeynbin-s.-hyatina-qisa-bir-baxis/Həzrət%20Zeynəbin%20%28s.ə%29%20həyatına%20qısa%20bir%20baxış.mp3 İmam Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s.ə.) evliliyindən beş övlad dünyaya göz açdı: Həsən, Hüseyn, Zeynəb, Ümmü-Gülsüm və Möhsin! Xanım Zeynəb (s.ə.) bu ailənin 3-cü övladıdır. “Zeynəb” sözünün iki mənası var: 1. Ətirli və mənzərəli ağac; 2. Atasının zinəti. (“Lisanul-ərəb”, 1-ci cild, səh.453; “Tacul-ərus min cəvahiril-qamus”, 2-ci cild, səh.60.) Müxtəlif rəvayətlərə əsasən, xanım Zeynəbin (s.ə.) adı Allah-Taala tərəfindən, Peyğəmbəri-Əkrəmin (s) vasitəsilə qoyulmuşdur. Tarixdə göstərilir ki, xanım Zeynəb (s.ə.) dünyaya göz açdığı zaman Peyğəmbəri-Əkrəm (s) səfərdə olduğundan, xanım Fatimeyi-Zəhra (s.ə.) imam Əlidən (ə) istəyir ki, uşağa ad qoysun. İmam Əli (ə) buyurur: “Mən atan Peyğəmbərdən (s) irəli keçmərəm. Gözləyək Peyğəmbər (s) səfərdən gəlsin və məsləhət bildiyi adı uşağa qoysun.” Peyğəmbər (s) üç gündən sonra səfərdən qayıdır. İmam Əli (ə) bu xəbəri Peyğəmbərə (s) çatdırıb, ondan uşağa ad qoymasını xahiş edir. Peyğəmbər (s) buyurur: “Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərar vermək və onlara ad seçmək yalnız Allaha məxsusdur.” Ondan sonra vəhy mələyi Cəbrail-Əmin nazil olub deyir: “Ey Allahın Rəsulu! Allah sənə salam yetirib buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı “Lövhi-Məhfuz”da yazmışam.” Bunu eşidən Peyğəmbər (s) Zeynəbi ağuşuna alıb öpür və buyurur: “Ümmətimə tövsiyə edirəm ki, bu qızın hörmətini qoruyub-saxlasınlar. Həqiqətən, o, Xədiceyi-Kubraya bənzəyir.” (“Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.55.) Yəni xanım Xədiceyi-Kubranın (s.ə.) İslamda fədakarlıqları kimi, xanım Zeynəbi-Kubranın (s.ə.) da İslam yolunda fədakarlıqları, dözümlülüyü, şücaət və mübarizəsi bu dinin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. Xanım Zeynəbi-Kubra (s.ə.) 5-ci (yaxud 6-cı) hicri-qəməri ilinin Cəmadiul-əvvəl ayının 5-də Mədinədə dünyaya göz açır və beş yaşında ikən, babası Peyğəmbəri-Əkrəm (s) əbədiyyətə qovuşur. Anası xanım Fatimeyi-Zəhra (s.ə.) da bu dünyada Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra 75 və yaxud 95 gündən çox yaşamır. Anasından sonra onun tərbiyəsini imam Əli (ə) və qardaşları Həsənlə (ə) Hüseyn (ə) öz öhdələrinə götürürlər. Xanım Zeynəbin (s.ə.) qardaşı Hüseynə (ə) məhəbbəti hədsiz olduğundan, ailə həyatı qurmaq istədiyi zaman elçiliyinə gələn əmisi oğlu Abdullah ibn Cəfərlə şərt kəsir ki, hər zaman imam Hüseyn (ə) səfərə getmək istəsə, qardaşımla birlikdə səfərə çıxmağıma mane olmasın. Bu evlilikdən dörd oğul və bir qız dünyaya gəlir: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmü-Gülsüm. Ovn ilə Məhəmməd Kərbəla faciəsində şəhadətə yetirlər. (“Həzrət Zeynəb – furuğe tabane-Kovsər”, Məhəmmədi İştihardi, səh.17; “Əl-xəsaisətuz-Zeynəbiyyə”, Seyid Nurəddin Cəzairi, səh.44.) Xanım Zeynəb (s.ə.) 35 yaşında atası imam Əli (ə), 45 yaşında isə böyük qardaşı imam Həsən (ə) şəhadətə yetirlər. İmam Həsənin (ə) şəhadətindən sonra 10 il qardaşı imam Hüseynin (ə) kənarında həyatın ağrı-acılı hadisələrinin şahidi olur, həyatında ağır müsibətlərlə üzləşir. Amma onun Kərbəla faciəsində öz gözü ilə şahid olduğu müsibətləri qələmlə təcəssüm etmək mümkünsüzdür. O, altı qardaş (imam Hüseyn (ə), Əbülfəzl-Abbas (ə), Cəfər, Osman, Abdullah (Ümmül-Bəninin oğulları) və Ovn (Əsmanın oğlu) dağı gördü. Gözünün iki nuru – Ovn və Məhəmməd adlı iki yeniyetmə oğlu Kərbəlada şəhid oldu. Bunlardan əlavə, Əliəkbər, Qasim və Abdullah kimi qardaşı uşaqlarının da dağına dözdü. Xanım Zeynəb (ə) qardaşlarının başlarının bədənlərindən ayrılmasını, xeymələrin yanmasını və yetim uşaqlara zülm olunmasını, əsarət günlərinin ağrı-acısını da gördü. Kərbəla faciəsindən sonra xanım Zeynəb (ə) Əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, oradan da Şam şəhərinə aparıldı. Bütün bu müsibətlərə görə xanım Zeynəb (s.ə.) “Müsibətlər anası” adlandırılmışdır. Nəhayət, xanım Zeynəb (s.ə.) Kərbəla faciəsindən bir il neçə ay sonra, 62-ci hicri-qəməri ilinin Rəcəb ayının 14-ü (və yaxud 15-i), bazar günü Şamda (Suriya) təqribən 57 yaşında ikən əbədiyyətə qovuşdu. (“Zeynəbul-Kubra minəl-məhdi iləl-ləhd”, səh.591.)

İmam Əli (ə) 03.02.2025

İmam Əlinin (ə) həyatına qısa bir baxış

Rəcəb ayının 13-cü günü  Əmirəlmöminin Əlinin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı diqqətinizə çatdırırıq. Mütəal Allahdan istəyirik ki, bizi dünya və axirətdə imam Əlidən (ə) ayrı salmasın! https://ia904706.us.archive.org/16/items/imam-linin-huati-guldiyar-zulfiqarov/İmam%20Əlinin%20həuatı%20GÜldiyar%20Zulfiqarov.mp3 İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmış, 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də Kufə şəhərində şəhadətə çatmışdır. Müqəddəs məzarı Nəcəf şəhərindədir. Atası Əbu Talib, anası Fatimə Əsədqızıdır. İmam Əli (ə) uşaqlıq dövrünü Peyğəmbərin (s) evində keçirmişdir. Atası Əbu Talibin əhli-əyalı böyük və güzəranı çətin olduğundan, Peyğəmbər (s) onun övladlarından birini öz evinə aparmaq istəmiş və həzrət Əlini (ə) götürmüşdür. Peyğəmbər (s) bunu Əbu Talibin ona – yetim və ata-anasız qaldığı zaman – etdiyi yaxşılıqların müqabilində bir növ kömək hesab edirmiş; əslində, bu iftixarın həzrət Əliyə (ə) nəsib olması Allahın iradə və istəyi ilə olmuşdur. Elə bir iftixar ki, Fatimədən (ə) başqa, heç kim ona şərik ola bilməmişdir. Peyğəmbər (s) imam Əlini (ə) öz öhdəsinə götürərkən buyurmuşdur: “O kəsi seçdim ki, Allah-Taala da onu mənim üçün seçmişdir.” (“Məqatilut-talibin”, Əbülfərəc İsfahani, səh.15.) İmam Əli (ə) öz xilafəti dövründə “Qasiə” xütbəsində uşaqlıq illərinin tərbiyəsinə işarə edərək buyurmuşdur: “Siz (Peyğəmbərlərin səhabələri) mənim Peyğəmbərlə yaxın qohumluğumu və mənim onunla olan xas mövqeyimi yaxşı bilirsiniz. Bilirsiniz ki, mən uşaq olarkən Peyğəmbər (s) məni öz qucağına alıb, bağrına basar və məni öz yatağında yatızdırardı. Belə ki, mən onun bədəninə yapışaraq onun iyini hiss edərdim. O, mənə yemək yedizdirərdi. Mən anasının ardınca düşən uşaq kimi həmişə onun ardınca düşərdüm. Gündə bir əxlaqi məsələni mənə öyrədər və tapşırardı ki, ona riayət edim.” (“Nəhcül-bəlağə”, 192-ci xütbə, Sübhi Saleh.) İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRİN (S) KƏNARINDA Peyğəmbəri-Əkrəm (s) peyğəmbərliyə seçilməzdən qabaq ilin bir ayını “Hira” mağarasında keçirər və bu bir ayı ibadətlə məşğul olardı. Bir ay başa çatdıqdan sonra, əvvəl gəlib Kəbəni təvaf edər, sonra evə qayıdardı. Tarixi faktlardan məlum olur ki, Peyğəmbər (s) imam Əliyə (ə) olan xüsusi əlaqəsinə görə onu da özü ilə “Hira” mağarasına aparardı. Vəhy mələyi Cəbrail ilk dəfə “Hira mağarasına” gəlib Peyğəmbərin (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçilməsi xəbərini çatdıranda, imam Əli (ə) də o həzrətin yanında idi. Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) Peyğəmbərin (s) özü rəhbərlik etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında imam Əli (ə) iştirak etmişdir. Təkcə Təbuk döyüşündə imam Əli (ə) iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər Peyğəmbərin (s) Mədinədə olmamasından istifadə edib, şəhərdə çevriliş edə bilərdilər. Buna görə də, Peyğəmbər (s) imam Əlini (ə) Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın. İMAM ƏLİ (Ə) PEYĞƏMBƏRDƏN (S) SONRA İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam hökumətini idarə etmək üçün ən səlahiyyətli şəxs olmuşdur. İslam aləmində Peyğəmbərdən (s) başqa heç kəs fəzilət, təqva, fiqh, hökumət (qəzavət), Allah yolunda cihad və bu kimi gözəl xüsusiyyətlərdə imam Əliyə (ə) çatmazdı. Məhz bu üstünlüklərə görə imam Əli (ə) dəfələrlə Allah və Peyğəmbər (s) tərəfindən müsəlmanların gələcək rəhbəri təyin olunmuşdu. “Qədir Xum” hadisəsində də rəsmi olaraq təsdiqləndi. Amma Peyğəmbərin (s) vəfatından sonra xilafət yolu tamamilə dəyişdirildi. Əbu Bəkr xilafət kürsüsündə əyləşdi. Ondan sonra Ömər, sonra da Osman hakimiyyətə gəldi. İmam Əli (ə) 25 il siyasi səhnədən və İslam hökumətinin idarə işlərindən uzaqlaşdırıldı. İMAM ƏLİ (Ə) XİLAFƏT BAŞINDA Üçüncü əxlifə Osmanın maliyyə pozğunluqları, beytül-malı (ümumi əmlakı) qeyri-şəri yollarda istifadə etməsi, Bəni-Üməyyə qəbiləsindən və öz qohumlarından olan nalayiq və səlahiyyətsiz şəxsləri vəzifəyə gətirməsi, mühacir və ya ənsardan olan səlahiyyətli şəxsləri işdən uzaqlaşdırması və dövlətin bütün işlərini Bəni-Üməyyənin ixtiyarında qoyması camaatı qəzəbləndirmişdi. Osman, ləyaqətsiz icra başçılarının dəyişdirilməsi ilə bağlı camaatın şikayətlərinə baxmadığına görə, nəhayət, camaat onun hökumətinin əleyhinə qiyam qaldırdı. Bu qiyam Osmanın ölümü ilə nəticələndi. Sonra camaat imam Əliyə (ə) beyət etdi. İMAM ƏLİ (Ə) VƏ ÜÇ CƏBHƏ İLƏ MÜBARİZƏ İmam Əlinin (ə) hakimiyyətinin əsl ədalət əsasında idarəsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, onlar imam Əlinin (ə) hökuməti qarşısında müxalif bir cəbhə yaratdılar. Bu müxalifət sonda “Nakisin”, “Qasitin” və “Mariqin” döyüşləri ilə nəticələndi. 1. “Nakisin” döyüşü (və yaxud Cəməl döyüşü): “Nakisin” ərəb sözü olub, “əhd-peymanlarını pozanlar” mənasını bildirir. Bir qrup imam Əliyə (ə) beyət etdikdən sonra beyətini pozub, o həzrətin (ə) üstünə qoşun çəkdilər. Təlhə və Zübeyr onlara başçılıq edirdi. Təlhə və Zübeyr imam Əliyə (ə) beyət etdikdən sonra o həzrətdən Bəsrə və Kufə şəhərlərinə vali (başçı) təyin olunmalarını istədikdə, İmam (ə) onların bu istəyi ilə razılaşmadı. Nəhayət, onların hər ikisi “ümrə” həcci bəhanəsi ilə Məkkəyə yola düşdülər. Məkkədə Bəni-Üməyyə tərəfindən qarət olunmuş “beytül-mal”dan istifadə edərək ordu yaradıb Ayişə ilə birlikdə Osmanın qısasını almaq bəhanəsi ilə Bəsrəyə üz tutdular. Bəsrəni öz əllərinə keçirtdilər. İmam Əli (ə) bu hadisədən xəbərdar olub onları aradan götürmək məqsədilə ordu ilə Bəsrəyə tərəf hərəkət etdi. Bəsrə yaxınlığında qızğın döyüş nəticəsində imam Əli (ə) qalib gəldi və “nakisin” zümrəsi məğlubiyyətə uğradı. Bu döyüş hicrətin 36-cı ilində baş vermişdir. 2. “Qasitin” (haqdan dönmüşlərin) döyüşü (və yaxud Siffeyn döyüşü): Müaviyə hələ imam Əli (ə) xəlifə olmazdan neçə il qabaq Şamda özünün xəlifə olması üçün bir sıra hazırlıqlar görmüşdü. İmam Əli (ə) xilafətə gəlcək, Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman tərəfindən Şama vali təyin edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi. Müaviyə də İmamın əmrini qəbul etmədi. Müsəlmanların xəlifəsi imam Əli (ə) “Cəməl” döyüşündən sonra, Cərir ibn Abdullahı Müaviyə ilə müzakirə etmək və ondan beyət almaq üçün Şama göndərdi. Müaviyə bu dəfə də təslim olmadı və hətta Osmanın qisasını almaq bəhanəsi ilə imam Əli (ə) ilə döyüş elan etdi. İmam Əli (ə) məcburiyyət qarşısında qalıb döyüşə hazırlaşdı. Böyük bir odru ilə Kufədən hərəkət edib, Siffeyn çölündə Müaviyənin ordusu ilə üzləşdi və beləcə, iki ordu arasında ağır döyüş baş verdi. Döyüşdən bir neçə gün sonra, imam Əlinin (ə) ordusu qələbəyə bircə addım qalmış, Əmr ibn As məğlubiyyətdən qurtulmaq üçün hiyləyə əl atdı və Qurani-Kərimi nizələrin ucuna taxaraq imam Əlinin (ə) ordusu arasında ixtilaf və təfriqə saldı. Müaviyənin ordusundan beş yüzə yaxın döyüşçü Quranı nizələrə taxıb sıralarını Quranla bəzəyərək, belə fəryad etməyə başladılar: “Ey İraq Əhli! Bizimlə sizin aranızda hakim Allahın kitabıdır. (Hər iki tərəf döyüşdən əl çəkib, Quranın hökmünə təslim olsun!)” İmam Əlinin (ə) ordusu bu səsləri eşidib nizələrə taxılmış quranları gördükdə, çoxları aldanaraq, o həzrətə dedilər: “Müaviyə düz deyir və səni Allahın kitabına dəvət edir. Onun dəvətini qəbul et!” İmam Əli (ə) buyurdu: “Döyüşə davam edin, müqavimət göstərin ki, qələbə yaxındır. Onların dəvətinə etina etməyin ki, hiylə və məkrdən başqa bir şey deyil!… Mən onlarla məhz Quranın hökmünə qarşı olduqlarına görə döyüşürəm… Mən onları (Müaviyə, Əmr ibn As və başqalrını) sizdən yaxşı tanıyıram.” Əmr ibn Asın hiylə və məkri öz işini gördü. İmam Əlinin (ə) ordusundan on minə yaxını döyüşdən əl çəkib atəşkəslə razılaşdı və şamlıların istəyinə müsbət cavab verdi. Əşəs və tərəfdarları əllərində silah o həzrətin müqabilində dayanıb dedilər: “Onların dəvətini qəbul et, əks-təqdirdə, Osmanı öldürdüyümüz kimi, səni də öldürərik.” İmam Əli (ə) öyüd-nəsihət etsə də, onlara azacıq belə təsir göstərmədi və nəhayət, məcburiyyət qarşısında qalıb “həkəmiyyət” məsələsinə razılıq verdi. Qərar oldu ki, müharibəyə son qoyulsun və hər iki tərəfdən bir nümayəndə seçilərək məşvərət əsasında müəyyən bir zaman və məkanda, ümumi məclisdə və hər iki ordunun böyükləri qarşısında mühakimə yürüdərək İslam ümmətinə rəhbər təyin etsinlər. Müaviyə mühakimə üçün Əmr ibn Ası təyin etdi. İmam Əliyə (ə) atəşkəs və “həkəmiyyət” məsələsini qəbul etdirən, sonradan da “xəvaric” adını daşıyan müxaliflər isə Əbu Musa Əşərini təyin etdilər. İmam Əli (ə) onun bu işə ləyaqət və səlahiyyətli olmadığını bildirib, İbn Abbası, yaxud Maliki Əştəri və yaxud da Əhnəf ibn Qeysi mühakimə üçün təyin etsə də, o həzrətlə razılaşmadılar və Əbu Musa Əşərini seçdilər. Bir sözlə, danışıqlar zamanı Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə başa salır ki, İslam ümməti iki nəfərin – Əli və Müaviyənin üstündə bir-birilə müxalifətə qalxmışdır. Gəl, sən Əlinin nümayəndəsi kimi Əlini xilafətdən kənarlaşdır, mən də Müaviyənin nümayəndəsi kimi Müaviyəni xilafətdən kənarlaşdırım. Sonra müsəlmanlar yığışıb, özlərinə yeni bir xəlifə təyin etsinlər. Əbu Musa Əşəri, Əmr ibn Asın hiyləsinə aldanıb onunla razılaşır. Hər iki tərəf bu nəzərin elan olunacağını qərar verir. Mühakimə üçün təyin olunmuş vaxt gəlib çatdıqda, Əmr ibn As hiyləgərliklə Əbu Musa Əşəriyə deyir: “Minbərə birinci sən çıx, çünki sən Peyğəmbərin (s) səhabəsisən. Mən səndən qabağa keçə bilmərəm.” Məclisdə iştirak edən İbn Abbas, Əbu Musa Əşəriyə deyir: “Qoy, öncə Əmr ibn As nəzərini desin, yoxsa, o, səni aldadacaq!” Əbu Musa Əşəri, İbn Abbasın sözünü qəbul etməyib, minbərə çıxır və camaatın hüzurunda belə deyir: “Biz məşvərət və araşdırmalardan sonra belə qənaətə gəldik ki, həm Əlini (ə), həm də Müaviyəni xilafətdən kənarlaşdırıb, xəlifə seçimini müsəlmanların öhdəsinə qoyaq. Buna əsasən, mən bu üzüyü barmağımdan çıxartdığım kimi, Əlini də xilafətdən kənarlaşdırıram.” Ondan sonra Əmr ibn As minbərə çıxıb deyir: “O, Əlini xilafətdən kənarlaşdırdı. Mən də onu xilafətdən kənarlaşdırıb, bu üzüyü barmağıma taxdığım kimi, Müaviyəni xilafətə təyin edirəm.” Beləliklə, Əmr ibn As, Əbu Musa Əşərini aldadıb, Müaviyəni xəlifə elan edir. Qasitin döyüşü hicrətin 37-ci ilində baş vermişdir. Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur. “Mariqin” döyüşü (və yaxud Nəhrəvan döyüşü): “Mariqin” (yolunu azmışlar) imam Əlini (ə) Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa (həkəmiyyətə) məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub, imam Əlidən (ə) danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq imam Əli (ə) elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı pozsun. Bu dəstə işi belə görüb, imam Əliyə (ə) qarşı ordu toplamağa başladı və hicrətin 38 yaxud 39-cu ilində Nəhrəvan adlı bir yerdə o həzrətlə həmin dəstə arasında döyüş baş verdi. İmam Əlinin (ə) ordusu bu döyüşdə də qalib gəldi. Ancaq kin-küdurət yenə ürəklərdə qaldı. Nəhayət, 40-cı hicri ilinin Ramazan ayının 19-da İbn Mülcəm namazda səcdə halında olan imam Әlinin (ə) başını zəhərli bir qılıncla yaraladı. Bununla da, o həzrət iki gündən sonra, Ramazan ayının 21-də, 63 yaşında ikən şəhadətə yetdi və Nəcəfi-Əşrəf şəhərində torpağa tapşırıldı. (“Sireyi-pişvayan” (Məsum imamların həyatı), Ustad Mehdi Pişvayi, “İmam Əlinin (ə) həyatı” bölümü; “Məsum imamların ictimai-siyasi həyatı”,

Kategoriler 03.02.2025

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.)

Şəri hökmlər (Fiqh) 03.02.2025

Qəza orucunu batil etməyin hökmü

Qəza orucunu batil etməyin hökmü Hazırda mübarək Rəcəb ayındayıq və möminlərin əksəriyyəti bu ayda oruc tuturlar. İnsanların bir çoxu qəza oruclarını da Rəcəb və Şəban ayında tuturlar ki, həm qəzalarını yerinə yetirsinlər və həm də bu ayların oruc savabını qazanmış olsunlar. Qeyd edim ki, boynunda qəza orucu olan kəs, müstəhəbb oruc tuta bilməz. Buna görə də qəzası olanlar Rəcəb və Şəban ayında təkcə qəza niyyəti ilə oruc tutmalıdırlar, İnşaallah ki, bu ayların orucuna verilən savabı da qazanmış olarlar. Bəzən möminlər ehtiyatsızlıq edir və qəza orucunu gün ərzində pozur və fikirləşir ki, hələ vaxt var, bu gün yeyim, sonra tutaram, İnşaallah. Diqqətiniz olsun ki, vaxtı geniş olan qəza oruclarında Zöhr azanından öncə orucu pozmağın problemi yoxdur. Amma Zöhr azanından sonra orucu qəsdən pozan adam kəffarə olaraq 10 fəqirin qarnını doyurmalıdır. Əgər 10 fəqirin qarnını doyurmağa maddi imkanı yoxdursa, 3 gün ardıcıl oruc tutmalıdır. Bu, vaxtı geniş olan qəza orucunun hökmü idi. “Vaxtı geniş qəza orucu”nun mənasını belə izah edə bilərik: Məsələn, mənim keçən il Ramazan ayından 5 gün qəza orucum var və indi də Ramazan ayına hələ bir aydan çox zaman qalıb. Amma “vaxtı dar qəza orucu”nda, yəni Ramazan ayınadək qalan vaxt mənim qəza günlərimin sayına bərabərdirsə, başqa sözlə, mənim keçən il Ramazan ayında 10 gün oruc qəza varımdır və indi də Ramazan ayına təkcə 10 gün qalıbsa, qəza orucunu Zöhrdən öncə və ya sonra pozmaq olmaz. Belə halda orucu Zöhrdən öncə pozarsa, ona “qəzanı təxirə salmaq” kəffarəsi düşür, yəni həm həmin günün qəzasını tutmalıdır, həm də gecikdirdiyi hər gün üçün bir fəqirin qarnını doyurmalıdır. Əgər Zöhrdən sonra pozarsa, hər gün üçün 10 fəqirin qarnını doyurmalı, buna imkanı çatmazsa, 3 gün ardıcıl oturc tutmalıdır. @mirmehemmed_beshir

Müsəlmanın həyat tərzi 03.02.2025

Yaşamaq düsturu

Yaşamaq düsturu https://ia904706.us.archive.org/28/items/heyatin-dusturu/Heyatin%20dusturu.mp3 İmam Sadiqdən (ə) “işlərini və həyatını necə və hansı proqram üzərində qurmusan” soruşarkən belə cavab buyurmuşdu: قِيلَ لِلصَّادِقِ ع عَلَى مَا ذَا بَنَيْتَ أَمْرَكَ فَقَالَ عَلَى أَرْبَعَةِ أَشْيَاءَ عَلِمْتُ‏ أَنَ‏ عَمَلِي‏ لَا يَعْمَلُهُ غَيْرِي فَاجْتَهَدْتُ وَ عَلِمْتُ أَنَّ اللَّهَ عَزَّ وَ جَلَّ مُطَّلِعٌ‏ عَلَيَّ فَاسْتَحْيَيْتُ وَ عَلِمْتُ أَنَّ رِزْقِي لَا يَأْكُلُهُ غَيْرِي فَاطْمَأْنَنْتُ وَ عَلِمْتُ أَنَّ آخِرَ أَمْرِي الْمَوْتُ فَاسْتَعْدَدْتُ. 1. Bildim ki, mənim (üçün faydalı olan) işimi özümdən başqa heç kəs etməyəcək, belə isə çalışdım. 2. Bildim ki, Allah-Taala mənim bütün işlərimdən xəbərdardır, belə isə (aşkarda və gizlində günah etməkdən) həya etdim. 3. Bildim ki, (Allahın mənim üçün ayırdığı) ruzimi məndən başqa heç kəs yeyə bilməz, belə isə (haramdan çəkinərək, halal çalışma ilə ruzimi qazanacağıma) arxayın oldum. 4. Bildim ki, (bu dünyada nə etsəm də, nə qazansam da, hər kim olsam da) işimin sonu ölməkdir, belə isə (hər zaman) ölməyə hazır oldum (və həyatımı ölümümü fikirləşərək qurdum). “Biharul-ənvar”, Əllamə Məclisi, 75/228, hədis:100.

Rəcəb 03.02.2025

‘Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

https://ia904700.us.archive.org/15/items/regayib-gecesi/reğayib%20gecesi.mp3 Rəcəb ayının ilk cümə axşamı “Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar. Rəcəb ayının ilk cümə axşamını ehya saxlamaq, dua, münacat və raz-niyazla məşğul olmağın, eləcə də, həmin günü oruc tutmağın fəzilət və savabı olduqca çoxdur. Ən mühüm əməl isə (İslam Peyğəmbərindən (s) nəql olunduğu kimi) “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri deyilir və namazdan sonra aşağıdakı zikr yetmiş dəfə deyilir: اللهم صل علی محمد النبی الامی و علی آله “Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və əla alihi!” Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə bu zikr deyilir: سبوح قدوس رب الملائکة والروح “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr yetmiş dəfə deyilir: رب اغفر وارحم و تجاوز عما تعلم انک انت العلی الاعظم “Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək aşağıdakı zikr 70 dəfə deyilir: سبوح قدوس رب الملائکة والروح “Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!” Sonra Allah-Taaladan hacətlərin dilə gətirilməsi tövsiyə olunur! İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur: “Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahir olar və şirin dillə ona deyər: “Ey mənim dostum! Sənə müjdə verirəm ki, hər bir çətinlik və ağrı-acılardan nicat tapdın.” Namaz qılan şəxs deyər: “Sən kimsən? Mən indiyə qədər belə gözəl sima görməmişdim, sözündən şirin bir söz eşitməmişdim, qoxundan da ətirli bir qoxu duymamışdım.” Cavabında deyər: “Mən, sənin “Rəğaib” gecəsi qıldığın namazam. Bu gecə sənin haqqını ödəmək, sənə tənhalığında həmdəm olmaq, vəhşət və qorxunu səndən uzaqlaşdırmaq üçün gəlmişəm. Qiyamət “sur”u (sədası) çalındığı zaman mən qiyamət səhnəsində sənin üzərinə kölgə salaram. Elə isə şad ol ki, xeyir-bərəkət səndən uzaq düşməyəcək.” (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)

İmam Əliyyən Nəqi (ə) 03.02.2025

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya gəlmişdir. Bəzi mənbələrdə Zil-həccə ayının 27-si də qeyd edilmişdir. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə və yaxud Süsən qeyd etmişlər. Həzrət 254-cü hicri-qəməri ilində vəfat etmişdir. Amma onun hansı ay və hansı gündə olması barədə ixtilaflar var. Bəzi mənbələrdə Rəcəb ayının 3-də, digər mənbələrdə isə Cəmadiüs-sani ayının 25-də və yaxud 26-da şəhid edildiyi  qeyd edilir. İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. Şeyx Müfid və başqalarının rəvayətinə əsasən, imam Hadi (ə) hicrətin 254-cü ilinin Rəcəb ayında Samirrada dünyadan köçdü. (“Tarixi-Bağdad”, c.12, s.56.) O zaman on üçüncü Abbasi xəlifəsi Mötəzz xilafət taxtında idi. İbn Şəhr Aşub o həzrətin təbii əcəli ilə dünyadan getmədiyini nəql etmiş və bu barədə – Abbasi xəlifəsi Mötəmidin onu zəhərlədiyinə dair – İbn Babəveyhdən rəvayət də nəql etmişdir. (“Əl-mənaqib”, c.2, s.442.) O zamanın zalım hakimlərin Ələvi sülaləsinə, xüsusilə, onların böyükləri və şiə imamlarına qarşı kin və düşmənçilikləri imam Hadinin (ə) uzun müddət məcburi surətdə Samirrada qaldıqdan sonra qırx dörd yaşında vəfat etdiyinə və vəfat etməsinə səbəb olan hər hansı cismani xəstəliyinin tarixdə qeyd olunmadığına diqqət yetirdikdə, o həzrətin zəhərləndirilib şəhadətə yetirilməsi ilə bağlı rəvayətin düzgün olma ehtimalı daha da güclənir. İMAM HADİNİN (Ə) İMAMƏTİ İmam Cavad (ə) 220-ci h.q. ilində şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatdı. Şiələr imamın həddi-büluğa çatmaması məsələsini imam Cavad (ə) haqqında təcrübə edərək həll etdiklərindən nə özləri, nə də onların böyükləri imam Hadinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Bəzi rəvayətlərdən aydın olur ki, imam Cavad (ə) Mötəsim tərəfindən Bağdada gətirildiyi zaman – o, bunun öz hakimiyyətinə bir hədə olduğunu və təhlükəli olacağını hiss etdiyi üçün – imam Hadini (ə) öz canişini təyin etdi. (“Üsuli-kafi”, c.1, s.323) İMAM HADİ (Ə) MÜQABİLİNDƏ MÜTƏVƏKKİLİN SİYASƏTİ Mötəsim hicrətin 218-ci ilinin Rəcəb ayından 227-ci ilinin Rəbiül-əvvəl ayına qədər və ondan sonra Vasiq hicrətin 232-ci ilinin Zil-həccə ayına qədər hakimiyyətdə oldu. Ondan sonra Mütəvəkkil hicrətin 247-ci ilinin Şəvval ayına qədər xilafətə yiyələndi. Mütəvəkkildən sonra Müntəsir (vəfat tarixi: 248-ci h.q. ili) bir il müddətində, sonra Müstəin hicrətin 251-ci ilinə və daha sonra isə Mötəzz hicrətin 255-ci ilinə qədər hakimiyyətdə oldular. (“Nəsəbnameyi-xüləfa və Şəhriyaran”, Zəmbavər, s.3.) İmam Hadi (ə) qeyd etdiyimiz kimi, hicrətin 254-cü ilində Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetdi. Mütəvəkkil hakimiyyətə gəlməzdən öncə, xəlifələr Məmunun siyasətini tətbiq edir və mötəzilə təriqətini müdafiə edirdilər. Həmin məsələ Ələvilər üçün nisbətən uyğun siyasi mühit yaratmışdı. Lakin Mütəvəkkilin hakimiyyətə gəlməsi ilə dardüşüncəlilik yenidən başladı. Mütəvəkkil əhli-hədisi himayə edərək onları şiənin əleyhinə qaldırdı. İMAM HADİNİN (Ə) SAMİRRAYA GƏTİRİLMƏSİ Mütəvəkkil bu təzyiqlərin qızğın çağında imam Hadinin (ə) Samirraya gətirilməsini əmr etdi. İmam Hadinin (ə) Samirraya gətirilməsi ilə camaatın İmamla əlaqəsini yaxından izləyə biləcək və nəzarət altında saxlayacaqdı. Bu siyasət Məmunun imam Rza (ə) üzərində tətbiq etdiyi siyasətin davamı idi. Əlbəttə, Məmunun zamanında bu iş zahirdə daha təmtəraqlı icra edildi. İmam Hadi (ə) xalqın pişvazı ilə Samirraya daxil olur və Xüzeymə ibn Hazimin evində məskunlaşır. (“İsbatul-vəsiyyət”, s.228.) Yəhya ibn Hərsəmə deyir: “Yol üstü Bağdada girdikdə, Bağdadın valisi İshaq ibn İbrahim Tahirini gördüm. O, İmam haqqında mənə dedi: Ey Yəhya, gördüyün şəxs Rəsulullahın (s) övladıdır, Mütəvəkkilin kobud xasiyyətini nəzərə alaraq, əgər onun haqqında xəlifəyə təhrikedici hesabat vərsən, xəlifə onu öldürəcək və beləcə, qiyamət günü Rəsulullaha (s) hesab verməli olacaqsan. Samirraya daxil olduqda, əvvəl Vüseyf Türkini görüb, imam Hadinin (ə) gəldiyini ona xəbər verdim. O dedi: “Əgər onun başından bir tük belə əskik olsa, özün hesab verəcəksən.” Sonra Mütəvəkkilin yanına gedib, İmamın xoşəxlaqlı, təqvalı və zahid olduğunu, evini axtardığım zaman Quran və bir neçə elmi kitabdan başqa, bir şey tapmadığımı xəbər verdim.” (“Təzkirətul-xəvass”, s.359.) Şeyx Müfidin nəqlinə əsasən, imam Hadi (ə) Samirraya girdiyi ilk gün Mütəvəkkil o həzrətin mehmanxanaya aparılıb bir gün orada saxlanılmasını əmr etdi. Bir gün sonra isə İmamı nəzərdə tutulan evə apardılar. Saleh ibn Səidin fikrinə görə, belə bir addımın atılması İmamı gözdən salmaq və təhqir etmək üçün idi. Həzrət (ə) ömrünün sonuna qədər – iyirmi ildən çox – bu şəhərdə yaşadı. MÜTƏVƏKKİLİN İMAM HADİ (Ə) İLƏ RƏFTARI Mütəvəkkil imam Hadini (ə) nəzarət altında saxlamaqla onu saray adamları və hökumətin tərəfdarı kimi göstərməyə çalışır və beləcə, o həzrətin xalqın gözündəki əzəmət və böyüklüyünü azaltmaq istəyirdi. Təbərsi yazır: “Mütəvəkkil camaatın gözündə imam Hadinin (ə) şəxsiyyətini sarsıtmaq və etibarını zədələmək üçün çox çalışdı.” (“Əlamul-vəra”, Həsən Təbərsi, s.438.) Mütəvəkkil ömrünün son günlərində İmamı şəhid etməyə qərar verdi. İbn Urumə deyir: “Həmin günlər Samirraya getmişdim. Gördüm ki, Mütəvəkkil imam Hadini (ə) xidmətçisi Səidə təslim edərək öldürmək istəyir. Lakin Mütəvəkkil iki gün sonra – İmamın da əvvəlcədən xəbər verdiyi kimi, gecə ikən türklərin hücumuna məruz qalaraq öz evində, yatdığı halda – öldürüldü və beləcə, İmam onun pəncəsindən xilas oldu.” (“Mənaqib”, c.2, s.447.) Mütəvəkkildən sonra oğlu Müntəsir xilafətə gəldi və bu da Ələvilər, xüsusən, imam Hadi (ə) üzərindəki təzyiqlərin azalmasına səbəb oldu. Baxmayaraq ki, bəzi şəhərlərdə hakim dairələrin şiələrə təzyiqi hələ də davam edirdi. Əvvəlki dövrlərə nisbətən təzyiqlərin azalması şiələrin müxtəlif şəhərlərdə təşkilatlanmasını gücləndirdi. İmam Hadinin (ə) şəhərlərdəki vəkillərindən biri həbs olunan zaman o həzrət başqa birini onun yerinə təyin edirdi. (“Biharul-ənvar”, c.50, s.140.) Tarixi əsərlərdən anlaşılır ki, şiə cəmiyyətinin həyatda qalmasının əsas səbəbi imamların və onların vəkillərinin nizamlı fəaliyyətləri və müsəlmanların Rəsulullahın (s) Əhli-beytinə bəslədiyi dərin sevgi və məhəbbət idi. İMAM HADİ (Ə) VƏ VƏKALƏT SİSTEMİ Şiənin son imamlarının dövrü başdan-başa Abbasi xəlifələri tərəfindən tətbiq olunan şiddətli təzyiqlərlə dolu idi. Eyni zamanda, bu dövrdə şiə İslam ərazilərinin hər yerinə yayılmışdı. Şiələrin əleyhinə keçirilən siyasi və nizami tədbirlərə baxmayaraq, onların sayı günbəgün artırdı. İmam Rza (ə), sonra imam Cavad (ə) və daha sonra imam Hadi (ə) tərəfindən imam və şiələr arasında əlaqə yaratmaq üçün vəkil təyin edilən şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar. Bir sözlə, vəkalət sisteminin imamiyyə şiələrinin siyasi və mədəni mövqeyinin möhkəmlənməsində mühüm payı vardı.https://ia804706.us.archive.org/11/items/imam-hadi-in-hyati-bard-qisa-mlumat/İmam%20Hadi%20%28ə%29-ın%20Həyatı%20barədə%20qısa%20məlumat.mp3

Rəcəb 03.02.2025

Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir!

https://ia904702.us.archive.org/23/items/rcb-ayinda-oruc-tutan-yenidn-dunyaya-glir/Rəcəb%20ayında%20oruc%20tutan%2C%20yenidən%20dünyaya%20gəlir.mp3 Rəcəb ayında oruc tutan, yenidən dünyaya gəlir! İmam Baqir (ə) buyurub: “Hər kəs Rəcəb ayının əvvəli ya ortası və ya axırından bir gün oruc tutarsa Allah-Taala Cənnəti ona vacib edəcək və onu Qiyamət günü Bizimlə bir yerdə məşhur edəcəkdir. Hər kəs Rəcəb ayında iki gün oruc tutarsa (Allah tərəfindən) ona deyilər: Bu gün yenidən həyatına başla (və yaxşı əməllər et) ki, sənin keçmiş günahların bağışlandı. Və hər kəs Rəcəb ayında üç gün oruc tutarsa ona deyilər: Sənin keçmiş və gələcək (səhvən edəcəyin) günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən (Allahın izni ilə) şəfaət et! Və hər kəs Rəcəb ayında yeddi gün oruc tutarsa yeddi cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Və hər kəs Rəcən ayında səkkiz gün oruc tutarsa, səkkiz Cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır”. «عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) قَالَ مَنْ صَامَ مِنْ رَجَبٍ يَوْماً وَاحِداً مِنْ أَوَّلِهِ أَوْ وَسَطِهِ أَوْ آخِرِهِ أَوْجَبَ اللَّهُ لَهُ الْجَنَّةَ وَ جَعَلَهُ مَعَنَا فِي دَرَجَاتِنَا [دَرَجَتِنَا] يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ رَجَبٍ قِيلَ لَهُ اسْتَأْنِفْ فَقَدْ غُفِرَ لَكَ مَا مَضَى وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ رَجَبٍ قِيلَ لَهُ غُفِرَ لَكَ مَا مَضَى وَ مَا بَقِيَ فَاشْفَعْ لِمَنْ شِئْتَ مِنْ مُذْنِبِي إِخْوَانِكَ وَ أَهْلِ مَعْرِفَتِكَ [مَغْفِرَتِكَ‏] وَ مَنْ صَامَ سَبْعَةَ أَيَّامٍ مِنْ رَجَبٍ أُغْلِقَتْ عَنْهُ أَبْوَابُ النِّيرَانِ السَّبْعَةُ وَ مَنْ صَامَ ثَمَانِيَةَ أَيَّامٍ مِنْ رَجَبٍ فُتِحَتْ لَهُ أَبْوَابُ الْجِنَانِ الثَّمَانِيَةُ فَيَدْخُلُهَا مِنْ أَيِّهَا شَاءَ»؛ Şeyx Səduq, “Fəzailu-Əşhurussəlasə”, Rəcəb, 4-cü hədis.

Müsəlmanın həyat tərzi 03.02.2025

8 nəfər bizi axtarır…

8 nəfər bizi axtarır… İmam Zeynülabidin Əli ibn Hüseyndən (ə) soruşdular: Ey Allah Rəsulunun (s) balası, səhəri neçə açdın? İmam (ə) buyurdu: Səkkiz şey məni tələb edən halda səhəri açdım: 1). Allah-Taala məndən vacib əməlləri istəyir. 2). Peyğəmbər (s) məndən sünnəsinə əməl etməyimi istəyir. 3). Ailəm məndən ruzi tələb edir. 4). Nəfsim məndən şəhvət (və dünyaya bağlılıq) tələb edir. 5). Şeytan məndən ona tabe olmağımı istəyir. 6). Əməllərimi yazan iki mələk məndən əməldə sadiq və saleh olmağı istəyir. 7). Əzrayıl ruhumun dalıncadır. 8). Qəbir də cəsədimin intizarındadır. Və mən bu tələbkarların arasında giriftaram”. Şeyx Tusi, “əl-Əmali”, s.641, hədis: 16/1330. وَ قِيلَ‏ لِعَلِيِ‏ بْنِ‏ الْحُسَيْنِ‏ (عَلَيْهِمَا السَّلَامُ‏): كَيْفَ‏ أَصْبَحْتَ‏، يَا ابْنَ رَسُولِ اللَّهِ قَالَ: أَصْبَحْتُ مَطْلُوباً بِثَمَانٍ: اللَّهُ (تَعَالَى) يَطْلُبُنِي بِالْفَرَائِضِ، وَ النَّبِيُّ (عَلَيْهِ السَّلَامُ) بِالسُّنَّةِ، وَ الْعِيَالُ بِالْقُوتِ، وَ النَّفْسُ بِالشَّهْوَةِ، وَ الشَّيْطَانُ بِاتِّبَاعِهِ، وَ الْحَافِظَانِ بِصِدْقِ الْعَمَلِ، وَ مَلَكُ الْمَوْتِ بِالرُّوحِ، وَ الْقَبْرُ بِالْجَسَدِ، فَأَنَا بَيْنَ هَذِهِ الْخِصَالِ مَطْلُوبٌ. (الأمالي (للطوسي) ؛ النص ؛ ص641، 1330- 16).

İmam Muhəmməd Baqir (ə) 03.02.2025

İmam Muhəmməd Baqirin (ə) həyatına qısa bir baxış

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o həzrətdən belə nəql edir: “Cəddim Hüseynin (ə) şəhadəti zamanı mən dörd yaşında idim və o həzrətin necə şəhid edildiyini və başımıza gələnlərin hamısını xatırlayıram.” (“Tarixi-Yəqubi”, c. 2, s. 320.) Atası imam Zeynəlabidinin (ə) şəhadəti zamanı imam Baqirin (ə) 37-38 yaşı var idi. Anası isə imam Həsənin (ə) qızı Ümmü-Əbdüllahdır. Buna görə də, imam Baqir (ə) həm ata, həm də ana tərəfdən imam Əli (ə) və xanım Zəhraya (s) çatan ilk şəxsdir. İmam Baqir (ə) 114-cü hicri-qəməri ilində İbrahim ibn Vəlid ibn Əbdülməlik tərəfindən zəhərlənərək şəhadətə yetmiş və “Bəqi” qəbiristanlığında atası imam Zeynəlabidin (ə) və babası imam Həsənin (ə) qəbirləri kənarında dəfn olunmuşdur. O həzrətin imamət dövrü on doqquz və ya iyirmi il olmuşdur. O həzrət “elmi yaran” və “elmin dərinliyinə varan” mənasını verən “Baqir” ləqəbi ilə məşhurdur. Bu ləqəbin izahında Cabir ibn Yezid Cöfi belə demişdir: “O həzrət elmin incəliklərinə toxunaraq onun sirr və incəliklərinə aydınlıq gətirirdi.” Yəqubi yazır: “Elmin dərinliyinə vardığından o həzrəti “Baqir” adlandırmışlar.” İbn Mənzur yazır: “Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli (ə) elmi yardığı, onun əsaslarını bildiyi və onun kökünü budaqlarından ayırmaq qabiliyyətinə sahib olduğu üçün “Baqir” adlandırılmışdır. (“Lisanul-ərəb”, “Baqir” sözünün izahında.) Cabir ibn Abdullah Ənsari deyir: “Bir gün Rəsulullah (s) mənə buyurdu: Sən məndən sonra bir müddət yaşayacaq, adı mənim addımla eyni və mənə çox bənzəyən övladımı ziyarət edəcəksən. Onu gördükdə, salamımı çatdır və bu sifarişimi mütləq yerinə yetir!” Cabir ömrünün sonlarında ölümünün yaxınlaşdığını gördükdə, dayanmadan: “Ey Baqir! Ey Baqir! Haradasan?” – deyirdi. Bir gün o həzrəti görüb özünü ona çatdırdı və Həzrətin üz-gözündən öpərək “atası Rəsulullaha (s) bənzəyənə atam-anam fəda olsun, Rəsulullah (s) sənə salam göndərmişdir!” – deyirdi. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 46, s. 294.) Bu rəvayətin Rəsulullahdan (s) nəql edilməsi o həzrətin bu ləqəblə məşhurlaşmasına səbəb oldu. İMAM BAQİRİN (Ə) ƏXLAQI İmam Baqir (ə) kamillik pillələrini fəth etməsi və yüksək əxlaqi səciyyələrə malik olması ilə bəşəriyyət tarixində təkrarolunmaz bir şəxsiyyətdir: 1. O həzrətin əxlaqi keyfiyyətlərindən biri uşaqlıq çağlarından gördüyü çətin və böyük hadisələr müqabilində səbirli, dözümlü olması idi. O həzrət Kərbəlada cənnət gənclərinin sərvəri imam Hüseynin (ə), onun əhli-əyalının və qəhrəman səhabələrinin qətlə yetirildiyini görmüş, Əhli-beytin (ə) çəkdiyi müsibət və bəlaların şahidi olmuşdur. Buna görə də, o həzrət həmin müsibətləri və Kərbəla faciəsini təfərrüatı ilə rəvayət edənlərdən biridir. 2. Səxavət imam Baqirin (ə) ən bariz xüsusiyyətlərindən biri idi. O həzrət həmişə yoxsullara və məhrumlara yaxşılıq edər və onları sevindirərdi. İbn Səbbağ deyir: “İmam Baqir (ə) elm, fəzilət, rəyasət və imamlığı ilə bərabər, şiə və sünnilərin nəzərində səxavətli olması ilə yad edilmiş, ailə üzvlərinin çox və imkanının ortasəviyyəli olmasına baxmayaraq, fəzilət, ehsan və yaxşılıqda şöhrət qazanmışdı.” (“Sifatus-səfvə”, 2-ci cild, səh.62.) 3. İmam Baqirin (ə) gözəl əxlaqi nümunələrindən biri də yoxsullara böyük ehtiram və qayğı göstərməsi idi. O həzrət öz əhli-əyalına tapşırmışdı ki, evə bir dilənçi gəldikdə, ona “ey dilənçi, bunu götür” deməsin. Desin ki, “Ey Allahın bəndəsi, bu, sənin üçün hazırlanıb.” O həzrət buyurub: “Yoxsulları gözəl sözlərlə çağırın.” İmam Baqir (ə) Mədinə yoxsullarına həmişə kömək edər və onlara sədəqə verərdi. O həzrət hər cümə günü Mədinə yoxsullarına bir dinar sədəqə verib buyurardı: “Cümə günü sədəqə verməyin fəziləti başqa günlərdə verilən sədəqənin fəzilətindən çoxdur.” (“Əyanuş-şiə”, 4-cü cild, səh.471, 1-ci hissə.) 4. İmam Baqir (ə) yalnız Allah-Taalaya ümid bəsləyər, yalnız Ona təvəkkül edər və layiqincə ibadət edərdi. Namaza durduğu zaman Onun xofundan rəngi saralardı. O həzrətin qulamı Əfləh deyir: “Mən imam Baqirlə (ə) birlikdə həcc ziyarətinə getmişdim. Həzrət (ə) məscidə daxil olarkən hönkürtü ilə ağlamağa başladı. Mən dedim: “Atam-anam sənə fəda olsun, insanlar sənə baxırlar. Bəlkə səsini bir az azaldasan?” İmam (ə) mənə buyurdu: “Ey Əfləh! Mən ona görə hönkürtü ilə ağlayıram ki, Allah-Taala mərhəmət nəzəri ilə mənə baxsın və bununla sabah (qiyamətdə) nicat tapanlardan olum.” Bundan sonra İmam (ə) Kəbəni təvaf edib, “məqam” arxasında namaz qıldı. Namazı qurtardıqda, səcdə etdiyi yer göz yaşları ilə islanmışdı.” (Nurul-əbsar”, səh.130.)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...