Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Psixologiya 26.08.2026

Din psixologiyasının tərifi

İnsanların həyatında dinin yaranışı necə baş vermişdir? Dindar insanlar xüsusi şəxsiyyətə malikdirlər? Dindarlıq fərdlərin həyatdan daha çox razı qalmasına səbəb olurmu? Onların evlilik, iş və digər sahələrdəki uğurunu sığortalayırmı? Dindarlar fiziki və psixoloji cəhətdən daha sağlam olurlar? Dindarlıq cinayətkarlığın, qanun pozuntularının azalmasında, humanizm, başqalarına yardım hissinin artmasında, xeyryyəçilik işlərinin görülməsində rol oynayırmı? Fərdlərin dindarlıq dərəcəsini necə ölçmək olar? Ümumiyyətlə, dindarlığın hansı yönləri var?Bunlar din psixologiyasında tədqiq edilən və cavabları araşdırılan suallardır. Psixologiyanın ikinci dərəcəli bölmələrindən hesab edilən bu sahədə dinin elmi tədqiqatı psixoloji aspektə əsaslanır. Din psixoloqları bu sahə ilə bağlı müxtəlif tərif və izahlar versələr də, hamısının əsasında “dinin psixoloji aspektə əsaslanan elmi tədqiqi” məzmunlu tərif dayanır. Əslində digər təriflərdə bu konkret tərifin ehtiva etdiyi terminlərin daha geniş və əhatəli izahi verilir. Nümunə üçün aşağıda iki din psixoloqunun qeyd etdiyi tərifi təqdim edirik:Kollins ən yaxşı tərifin Kembric Universitetinin dosenti Tavlisə aid olduğunu bildirir. Taules hesab edir ki, dinlə bağlı olan psixoloji araşdırmada “dini davranışın öyrənilməsi qeyri-dini davranışın tədqiqindən əldə edilən psixoloji qanunlara əsaslanır.” Yəni din psixologiyasında dini davranışı izah etmək üçün ona ümumi davranışların tədqiqi zamanı əldə edilmiş psixoloji prinsiplər tətbiq edilir.Qeyd olunan tərifdə bu sahənin tədqiqat mövzuları arasından yalnız dini davranış konsepsiyasından söz açılmışdır. Bəlkə də elə buna görədir ki, Kollins həmin tərifdən sonra bu sahədə təkcə dini davranış deyil, eyni zamanda Allah və digər fövqəltəbii qüvvələrin varlığına və təsirinə inanan fərdlərin baxışlarını, dəyərlərini və təcrübələrini öyrənən psixoloji metodlardan istifadə edildiyini xatırlatmışdır (Krayd və Nemerof C.B., 2001, IV c., səh.1392 ). Reymond Palotzianın tərifində belə bir çatışmazlıq yoxdur. O yazır: “Din psixologiyası dini inanc və davranışları psixoloji aspektdən öyrənən bir sahədir. Yəni burada məqsəd dini davranışlara və təcrübələrə təsir göstərən psixoloji prosesləri öyrənməkdir. Bu sahədə biz dini davranış və təcrübəyə təsir göstərən ətraf mühiti, fərdi və ictimai təsirləri diqqət mərkəzində saxlamağa, dindarlıqda vasitəçi rolunu oynayan psixoloji prosesləri müəyyənləşdirəcək imkana malik baxışları və tədqiqatları səciyyələndirməyə çalışırıq.” (Palotzian, 1996, səh.28-29).Bu tərifdən də göründüyü kimi, din psixologiyası din və dindarlığın ehtiva etdiyi məsələlər haqqında psixoloji prinsiplərə əsaslanan elmi araşdırmadır. Qeyd olunan məsələlər həm dini davranışlara, həm də dini inanc və dəyərlərə şamildir. Buna görə də dini mövzuları istənilən psixoloji yanaşma və tərif əsasında araşdırmağımızdan asılı olmayaraq din psixlogiyası sahəsinin tədqiqatçısına çevrilmiş oluruq. Başqa sözlə desək, din psixologiyasının tərifində psixologiyanın öz tərifi diqqət mərkəzində olur. Haqqında malik olduğumuz mülahizə fərqlərindən asılı olmayaraq bu elm sahəsinin müxtəlif dini mövzularla bağlı tədqiqatlarının hasili din psixologiyası olacaqdır. 

111 Oxu
Psixologiya 26.08.2026

Psixologiya nədir?

Psixologiya insanın davranışlarını, duyğularını, düşüncələrini və psixoloji proseslərini öyrənən bir elmdir. Bu sahə insanların daxili dünyasını anlamağa, onların davranışlarının səbəblərini araşdırmağa və müxtəlif problemlərin həllində yardım etməyə yönəlib. Psixologiya həm nəzəri biliklərə, həm də praktik tətbiqlərə malikdir və müxtəlif istiqamətlərdə inkişaf etmişdir. Psixologiyanın Əsas Xüsusiyyətləri Psixologiya, elmi araşdırmalara əsaslanan, insanların zehni və emosional vəziyyətlərini dərindən tədqiq edən fundamental bir elm sahəsidir. Bu elm sahəsi çərçivəsində aparılan tədqiqatlarda müşahidə, eksperiment və statistik analizlər kimi obyektiv metodlardan geniş istifadə olunur. Psixologiya həm nəzəri, həm də tətbiqi tərəfləri ilə insan təbiətini anlamağa xidmət edir. Bu intizam birbaşa insanı mərkəzə alır; fərdin zehni prosesləri, davranışları, hissləri və sosial münasibətləri araşdırmanın əsas obyektidir. Tədqiqat mövzuları arasında düşüncə, yaddaş, motivasiya, stress və şəxsiyyət kimi kritik faktorlar yer alır. Bu geniş əhatə dairəsi psixologiyanın insan həyatındakı rolunu əvəzsiz edir. Psixologiya elmi multidisiplinar yanaşma nümayiş etdirərək bir çox fərqli sahə ilə sıx əlaqədə fəaliyyət göstərir. Xüsusilə biologiya, sosiologiya, təhsil, tibb və fəlsəfə kimi elmlərlə qarşılıqlı əlaqə daxilindədir. Bu inteqrasiya, insan davranışlarının həm bioloji, həm də sosial aspektlərini daha yaxşı anlamağa imkan yaradır. Psixologiyanın Əsas Sahələri Psixologiya elmi, araşdırdığı mövzuların genişliyinə görə müxtəlif alt sahələrə bölünür. Hər bir sahə insanın fərqli bir yönünü və ya həyatın müəyyən bir mərhələsini hədəf alır: 1. Klinik Psixologiya Bu sahə psixoloji problemlərin diaqnozu, müalicəsi və profilaktikası ilə məşğul olur. Klinik psixoloqlar əsasən depressiya, narahatlıq pozuntuları, travmalar və asılılıqlar kimi ciddi emosional və zehni çətinliklərin aradan qaldırılmasına fokuslanırlar. 2. Eksperimental Psixologiya Zehni prosesləri və davranışları daha çox laboratoriya şəraitində öyrənən sahədir. Burada yaddaş, diqqət, qavrayış və öyrənmə mexanizmləri üzərində elmi təcrübələr aparılaraq fundamental qanunauyğunluqlar müəyyən edilir. 3. İnkişaf Psixologiyası İnsan inkişafının bütün mərhələlərini — uşaqlıq, yeniyetməlik, böyüklük və qocalıq dövrlərini araşdırır. Bu sahə fərdin həyatı boyu keçirdiyi davranış və emosional dəyişiklikləri tədqiq edərək inkişaf prosesini izah edir. 4. Təhsil Psixologiyası Təlim və öyrənmə proseslərini tədqiq edən bu sahə, təhsil mühitində effektivliyi artırmağa yönəlmişdir. Şagirdlərin motivasiyasını yüksəltmək və öyrənmə maneələrini aradan qaldırmaq üçün xüsusi strategiyalar hazırlayır. 5. Sosial Psixologiya İnsanların sosial mühitdəki davranışlarını və bir-birlərinə olan təsirlərini öyrənir. Qrup dinamikası, liderlik, stereotiplər və sosial təsir mexanizmləri bu sahənin əsas tədqiqat mövzularıdır. 6. Şəxsiyyət Psixologiyası İnsan şəxsiyyətinin özünəməxsus xüsusiyyətlərini, xarakterini və fərdlər arasındakı fərqləri araşdırır. Şəxsiyyət tipləri və bu tiplərin gündəlik davranışlara necə təsir etdiyi bu sahədə öyrənilir. 7. İş və Təşkilat Psixologiyası İş yerlərindəki davranışları və insan resurslarının idarə edilməsini tədqiq edir. Əsas diqqət işçi motivasiyası, iş mədəniyyəti və təşkilati liderlik mövzularına yönəldilir. Psixologiya Elminin Məqsədləri Psixologiya elmi fərdlərin və cəmiyyətin rifahı üçün aşağıdakı dörd əsas məqsədi rəhbər tutur: Davranışı anlamaq: İnsanların müəyyən vəziyyətlərdə nə üçün məhz bu cür davrandığını elmi şəkildə izah etmək. Problemləri həll etmək: Mövcud psixoloji problemləri müəyyən etmək və effektiv müalicə metodları tətbiq etmək. Özünü dərk etməyə yardım: Fərdlərin öz daxili dünyalarını, güclü və zəif tərəflərini daha yaxşı tanımasına dəstək olmaq. Həyat keyfiyyətini artırmaq: İnsanlara daha sağlam emosional və sosial həyat qurmaqda kömək etmək. Psixologiyanın Tətbiq Sahələri Psixologiya həm fərdi, həm də ictimai səviyyədə böyük əhəmiyyət daşıyır və aşağıdakı sahələrdə aktiv tətbiq olunur: Sahə Tətbiq İstiqaməti Tibb Psixi sağlamlıq problemlərinin diaqnozu və müalicəsi. Təhsil Şagird inkişafı və təlim keyfiyyətinin optimallaşdırılması. İş Dünyası Karyera inkişafı və təşkilati effektivliyin artırılması. Sosial Həyat Sosial problemlərin həlli, ailə və münasibət məsələləri. İdman İdmançılara psixoloji dəstək və performansın artırılması. Nəticə etibarilə, psixologiya insan həyatının bütün sahələrinə təsir göstərən, fərdin və cəmiyyətin daha sağlam inkişafı üçün zəruri olan bir elmdir. doktorsitesi.az  

106 Oxu
QURANI KƏRIM 25.08.2026

Qurani-Kərim Allahın ən üstün nemətidir

Allah-taala mübarək “Rəhman” surəsində yaradılış aləmindəki varlıqların, maddi və mənəvi nemətlərin bir qrupunun, dünya, axirət, insan, mələk və cinin adını çəkir. İnsanın yaranışı və kamilliyindən, Cənnət və əbədi səadətdən, görünən, görünməyən və s. nemətlərdən danışır.Adı çəkilən surənin əvvəlində Allahın “Rəhmət” adı qeyd edildikdən sonra Quranın insana öyrədilməsi vurğulanır: الرَّحْمَنُ. عَلَّمَ الْقُرْآنَ. خَلَقَ الْإِنْسَانَ. عَلَّمَهُ الْبَيَانَ“Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı və ona danışmağı öyrətdi”.[1]Bu işıqlı ayələr Qurani-Kərimin Allahın birinci, ən mühüm və ən bərəkətli neməti olduğunu göstərir. Belə ki, insan təkcə Allahın təlimlərinin sayəsində Quranı mənimsəməklə və onun təlqini ilə özünün son kamillik zirvəsinə yüksələ bilər. Əgər Quran olmazsa, heç kəs insanlıq məqamına nail ola bilməz.Allahın ən uca neməti olan Qurani-Kərim həm də “ən gözəl kəlam”dır. Quran, həm sözlər, ifadələr, fəsahət və bəlağət, həm də insan düzəldən  (insan tərbiyə edən) məzmun zənginliyi baxımından, Allahın nazil etdiyi ən yaxşı söz və ən gözəl kəlamdır. Əgər Qurandan gözəl və dərin kəlam olsaydı, Allah mütləq onu peyğəmbərlərinin sonuncusuna (Həzrət Muhəmmədə) göndərərdi. Əgər Qurandan daha üstün bir kəlamın olması və Allahın onu sonuncu elçisinə nazil etməməsi fərz edilərsə, onda belə çıxır ki, Allah ya onu bilməyib, ya deməyi bacarmayıb, ya da göndərməkdə paxıllıq edib. Bu cəhətlər Allahda yoxdur və onların heç bir cəhalətə yer olmayan, zatı “elm” olan Allaha aid edilməsi qeyri-mümkündür. Bir şey mövcud olduğu halda, zatı “sonsuz elm” olan Allahın ondan xəbərsiz olması mümkün deyil. Bir şeyin yaranması mümkün və yaradılışı da “وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ” (Hər şeyə qadir)[2] olan sonsuz qüdrət sahibindən asılı olduğu halda, yaranmaması necə mümkün ola bilər?Paxıllıq və simicliyə gəlincə, bu xüsusiyyətlər nöqsan və zəiflikdən irəli gəlir. Allahın sonsuz kamilliyi bu xüsusiyyətlərdən uzaqdır. Buna görə də Qurani-Kərim Allahın ən yaxşı mesajı, ən kamil əbədi hədiyyəsi və ən üstün nemətidir. Ondan üstün kəlam mümkün olmayacaq. Qeyd edim ki, daha üstün kəlamın olmaması məsələsi hər biri “işgörənə” – danışana aid edilən bu üç səbəbdən (zatının mütləq olması, zatında cəhalətə qətiyyən yer olmaması və paxıl olmaması) başqa bir amillə də izah edilə bilər. Ehtimal edilə bilər ki, daha üstün kəlamın olmaması onun alıcısının – “qəbuledicisi və ya dinləyicisinin” bu potensiala malik olmaması ilə bağlıdır.[3] Lakin hər nə olursa-olsun, məqsəd hasil olacaq və Qurandan üstün kəlam olmayacaq. Səbəbi də insanın ondan daha üstününü qəbul edə biləcək potensialda olmamasıdır. Buna Allahın gözəl adlarından olan bəzi “Müstəsirə adları” misal göstərmək olar.[4] Bu adların gizliliyi və haqlarında məlumat verilməməsinin səbəbi zatı “elm” və “qüdrət” olan mütləq bağışlayıcının cəhaləti və acizliyi deyil, insanların onu qəbul edə biləcək imkan və potensialda olmamalarıdır. [1]Rəhman, 1-4 [2] Hədid, 2 [3] Daha üstün kəlamın olmaması iki tərəfə xas olan cəhətlərlə izah edilə bilər: tərəflərdən biri onu deyən, digəri isə dinləyəndir. Deyən tərəfin zatında zərrə qədər də cəhalətə yerin olmaması, zatı “mütləq elm” olması və paxıl olmaması daha üstün kəlamın göndərilməsini, ondan daha üstününün olmamasını tələb edir. Yəni Allah tərəfindən bundan üstün kəlam göndərilə bilməz. Qəbul edən və ya dinləyiciyə gəldikdə isə, dinləyicinin potensialı yalnız mövcud səviyyədə olan kəlamı qəbul edə bilir. Bu cəhətdən də, ondan üstününün göndərilməsi doğru deyil. Potensial və tutumu nədirsə, ona uyğun kəlam göndərilib. Yəni insan daha böyük potensiala malik olsaydı, daha yüksəyi göndərilərdi. Sonsuz elm sahibinin sonsuz dərəcədə üstün kəlam göndərmək qüdrəti sonsuzdur, sadəcə, insanın tutumu yalnız mövcud olanın göndərilməsinə imkan verir (tərc.) [4] “Müstəsirə” sözünün mənası “gizli” deməkdir. Hədislərdə qeyd edilir ki, Allah özü üçün heç kəsin bilmədiyi və maddi dünyada heç bir görüntüsü, təzahürü olmayan bəzi adlar seçmişdir. Gizli qalan və “İsmi-əzəm”dən olan bəzi adlar da buraya daxildir. Allahın həmin adlardan xəbər verməməsi Onun acizliyi və ya buna gücünün çatmaması deyil, insanların onları qəbul edə biləcək gücdə olmamasıdır (tərc.)

106 Oxu
Azərbaycan 23.08.2026

Şah İsmayıl Xətai

Şah İsmayıl XətaiŞah İsmayıl Xətai (1487–1524) — Səfəvilər dövlətinin banisi, ilk Səfəvi şahı, böyük dövlət xadimi və Azərbaycan dilində əsərlər yazmış görkəmli şairdir. O, 1501-ci ildə Təbrizdə hakimiyyətə gəlmiş və Səfəvi dövlətinin əsasını qoymuşdur.Şah İsmayılın atası Şeyx Heydər, babası isə Şeyx Cüneyd idi. Səfəvi ailəsi əvvəlcə dini-təsəvvüfi hərəkat kimi tanınsa da, Şah İsmayılın rəhbərliyi ilə güclü siyasi və hərbi qüvvəyə çevrildi.1501-ci ildə Şah İsmayıl Təbrizi ələ keçirərək özünü şah elan etdi. Bununla Səfəvilər dövlətinin siyasi hakimiyyəti başladı. Sonrakı illərdə dövlətin ərazisi genişləndi və İran, Azərbaycan, İraq və Cənubi Qafqazın mühüm hissələri Səfəvi hakimiyyəti altına keçdi.Şah İsmayılın hakimiyyəti dövründə On iki İmam şiəliyi dövlətin rəsmi məzhəbi elan edildi. Bu qərar Səfəvi dövlətinin dini və siyasi kimliyinin formalaşmasında mühüm rol oynadı.1514-cü ildə Osmanlı sultanı I Səlimlə Şah İsmayıl arasında Çaldıran döyüşü baş verdi. Səfəvilər bu döyüşdə məğlub oldular. Buna baxmayaraq, Şah İsmayıl öz dövlətinin siyasi varlığını qoruyub saxlaya bildi.Şah İsmayıl həm də “Xətai” təxəllüsü ilə şeirlər yazırdı. O, Azərbaycan ədəbiyyatının klassik dövründə mühüm iz qoymuş sənətkarlardan biridir. Şeirlərində Əhli-beytə məhəbbət, dini-fəlsəfi düşüncələr, qəhrəmanlıq, mənəvi dəyərlər və insanın daxili dünyası geniş yer tutur.Onun ən məşhur əsərlərindən biri “Dəhnamə” poemasıdır. Bundan başqa, Xətainin çoxsaylı qəzəl və qoşmaları Azərbaycan ədəbiyyatının qiymətli nümunələri hesab olunur.Şah İsmayıl 1524-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra oğlu I Təhmasib Səfəvi dövlətinin başına keçmişdir.Tarixi əhəmiyyəti: Şah İsmayıl Xətai Azərbaycan və region tarixində mühüm siyasi və mədəni şəxsiyyətlərdən biridir. O, Səfəvi dövlətinin əsasını qoymaqla yanaşı, Azərbaycan ədəbiyyatının inkişafına böyük töhfə vermişdir.

130 Oxu
Əhli-Beyt Maarifi 23.08.2026

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u ( hicrətdən 27 il öncə) İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq: Tarixi mənbələrdə İslam Peyğəmbərinin (s) xanım Xədicə ilə tanışlığı və onların evliliyi belə göstərilir: “Xüveylidin qızı Xədicə nəsil-nəcabətli və şərafətli bir qadın olması ilə bərabər, ticari işlərlə məşğul olur və ticari işlərini icra etmək üçün bəzilərini bu işə cəlb edirdi. İslam peyğəmbəri həzrət Mühəmməd (s) iyirmi beş yaşına çatdıqda, əmisi Əbu Talib o həzrətə belə bir təklif etdi: “Xüveylidin qızı Xədicə Qüreyş ticarətinin önəmli şəxslərindəndir və ticari işlərini öhdəsinə götürəcək əmanətdar bir şəxs axtarışındadır. Nə yaxşı olar ki, özünü ona tanıtdırıb, onun ticari işlərinə rəhbərliyi öhdənə alasan!” Peyğəmbərin (s) yüksək ruhu bu istəyi birbaşa olaraq Xədicəyə söyləməyə mane olduğundan, əmisinə belə dedi: “Yaxşı olar ki, Xədicə özü bu təklifi irəli sürsün.” Xədicə o həzrətin “Əmin” (əmanətdar) ləqəbi ilə tanındığını bildiyi üçün, bir nəfəri Peyğəmbərin (s) hüzuruna göndərib dedi: “Mühəmmədin (s) gözəl əxlaqı, sədaqət və əmanətdarlığına məftun olmuşam. Ticari səfər üçün başqalarının verdiyi puldan ikiqat artıq verməyə və bu səfərdə sənə kömək etmək məqsədilə qulamlarından iki nəfəri səninlə birgə göndərməyə hazıram!” Peyğəmbər (s) Xədicənin təklifini qəbul edib, Qüreyş karvanı ilə birlikdə Şama doğru hərəkət etdi. Peyğəmbər (s) bu səfərdə hamıdan çox qazanc əldə etdi. Xədicənin Peyğəmbərlə (s) birgə öndərdiyi Meysərə adlı qulamı səfərdın qayıtdıqdan sonra o həzrətin əxlaqi səciyyələri, alicənablığı və ali mənəviyyatı haqda Xədicəyə məlumat verdi. Xədicə zəkalı, uzaqgörən, şərafətli bir qadın idi və cahiliyyət dövründə əxlaqi və ictimai mövqeyinə görə Qüreyş qadınlarının pakizəsi və xanımı adlanırdı. Məşhur nəzərə əsasən, o, öncə iki dəfə evlənmiş və hər iki əri vəfat etmişdi. Qüreyşin Əqəbə ibn Əbu Muit, Əbu Cəhl və Əbu Süfyan kimi böyükləri və sərvətliləri Xədicədən elçilik etmiş, o isə razılıq verməmişdi. Digər tərəfdən, Xədicənin Peyğəmbərə (s) qohumluğu çatırdı. Belə ki, hər ikisinin nəsil-nəcabəti Qüsəydə birləşirdi. Həm də, onun Peyğəmbərin (s) parlaq gələcəyi haqda məlumatı olduğundan, qırx yaşında ikən o həzrətlə evlənmək qərarına gəldi. Xədicə Peyğəmbərə (s) evlilik təklifi verdi. İbn Hişam özünün “Sirə” kitabında yazır: “Xədicə özü evlilik təklifini irəli sürüb Peyğəmbərə (s) dedi: “Ey əmioğlu! Aramızdakı qohumluq əlaqələrini, eləcə də, gözəl əxlaqa, qohum-əqrəba içində izzət, əzəmət, sədaqət və əmanətdarlığa sahib olduğunu nəzərə alaraq səninlə ailə həyatı qurmaq istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Bu haqda əmilərimə məlumat verməli, onların məsləhətinə qulaq asmalıyam.” (“Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 204.) Əksər tarixçilər isə qeyd edirlər ki, Xədicə evlilik təklifini Nəfisə adlı bir qadının vasitəsilə göndərdi. Nəhayət, Peyğəmbər (s) evlilik macərasını öz əmiləri, məxsusən, Əbu Taliblə müzakirə etdi və Qüreyşin böyüklərinin iştirakı ilə izdivac mərasimi təşkil edildi. Əbu Talib Allaha həmd-səna edərək bir xütbə oxudu və qardaşı oğlunu belə təriflədi: “Qardaşım oğlu Mühəmməd ibn Abdullah (s) sərvət sahibi olmasa da, Qüreyşin kişiləri ilə müqayisədə, onların hamısında üstün və fəzilətlidir. Sərvət kölgə tək ötəri və gedəsidir, nəsil-nəcabət isə əbədi və qalasıdır.” (Biharul-ənvar”, c.16 səh.16.) Əbu Talibin xütbəsindən sonra, Xədicənin qohumlarından Vərəqət ibn Nofəl ibn Əsəd sözə başladı: “Qüreyşlilərdən heç kim sizin fəzilət sahibi olmağınızı inkar etmir. Biz də səmimi qəlbdən bu şərafət kəndirinə birləşmək istəyir, sizinlə qohum olmağı özümüzə şərəf hesab edirik.” Beləliklə, dörd yüz dinar (və yaxud iyirmi dəvə) mehriyyə təyin olunaraq “nikah” oxundu və Peyğəmbər (s) iyirmi beş yaşında ikən Xədicə ilə evləndi. O həzrətin xanım Xədicə ilə evliliyindən iki oğul və dörd qız uşağı dünyaya göz açdı: Qasim, Abdullah, Zeynəb, Rüqəyyə, Ümmü-Gülsüm və Fatimeyi-Zəhra (ə). (“Tarixi-İslam”, Ustad Mehdi Pişvayi; “Füruğe-əbədiyyət”, Ayətullah Cəfər Sübhani, 1-ci cild, səh.190-198.)

145 Oxu
Könül oxşayan Hədislər 22.08.2026

Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır,

İmam Əli (ə): "Ömür sənə faydası olan bütün elmləri öyrənmək üçün lazım olan zamandan çox qısadır, belə isə daha çox əhəmmiyyətli olanından öyrənməyə başla".«العمر أقصر من‏ أن تعلم كل ما يحسن بك علمه فتعلم الأهم فالأهم»"Həqiqətən sənin fikrin və zehnin hər şeyi (hər fikri və elmi) özündə yerləşdirə bilməz, belə isə onu daha mühüm şeylər üçün saxla. Və sənin malın bütün insanları varlandıra bilməz, belə isə onu daha çox haqlı - (yardım göstərilməyə ehtiyacı) olana ver".«إِنَّ رَأْيَكَ لَا يَتَّسِعُ‏ لِكُلِ‏ شَيْ‏ءٍ فَفَرِّغْهُ لِلْمُهِم من أمورك و مالك لا يغني الناس كلهم فاخصص به أهل الحق»‏ ("Üyunul-hikəm vəl-məvaiz", Leysi, s.156, hədis:3385; İbn Əbil Hədid, "Şərhu Nəhcul-Bəlağə", İmam Əliyə (ə) mənsub hikmətli sözlər, c.20, s.262, hədis:60 və c.20, s.314, hədis:601).

İmam Məhdi (ə) 22.08.2026

İMAM MEHDİ (Ə) ƏHLİ-SÜNNƏ MƏZHƏBİNDƏ

 bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş...İmam Mehdinin (ə.c) dünyamiqyaslı qıyamı və inqilabı şiə mənbələri ilə yanaşı, digər İslam məzhəblərinin etiqad mədəniyyətində də geniş şəkildə bəhs edilmişdir. Onlar da imam Mehdinin (ə) Peyğəmbərin (s) pak nəslindən və həzrət Fatimeyi-Zəhranın (ə) övladlarından[1] olduğuna və vaxtı çatdıqda da zühur edəcəyinə inanırlar. Əhli-sünnənin gözlənilən Mehdiyə (ə) nə qədər etiqad bəslədiklərini anlamaq üçün alimlərinin yazdıqları kitablara müraciət etmək lazımdır. Fəxri-Razi və Qurtubi[2] kimi bir çox əhli-sünnə təfsirçiləri öz kitablarında bəzi Quran ayələrinin imam Mehdinin (ə) axır zamanda zühur edəcəyinə açıq-aşkar toxunmuş, eyni zamanda da, əhli-sünnə mühəddisləri o həzrətlə əlaqədar hədisləri də bir çox mötəbər kitablarında nəql etmişlər. Bu mötəbər qaynaq kitablara əhli-sünnənin altı “Səhih”[3] və Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəlinin “Müsnəd” əsərlərini nümunə olaraq göstərə bilərik. Həmçinin həm keçmişdə, həm də indiki zamanda bir çox əhli-sünnə alimləri imam Mehdiyə (ə) aid ayrıca kitablar da yazmışlar. Əbu Nəim İsfahani “Məcmueyi-Ərbəin” (Qırx hədis), Süyuti “Əl-ürfül-vərdi fi əxbari əl-Mehdi (ə)” kitablarında bu mövzunu geniş şəkildə araşdırmışlar.Diqqəti cəlb edən odur ki, bəzi əhli-sünnə alimləri imam Mehdiyə (ə) etiqadı müdafiə etmiş, onu inkar edənlərin əleyhinə müxtəlif kitab və məqalələr yazmış, elmi sübutlar və mötəbər hədislərlə bu inancının haqq olduğunu və inkarının mümkün olmadığını müdafiə etmişlər. Buna Məhəmməd Siddiq Məğribinin İbn Xəldunun sözlərinin rəddinə və onun tənqidinə dair yazdığı kitabi misal göstərmək olar. (Qeyd edək ki, böyük əhli-sünnə sosioloqu İbn Xəldun imam Məhdi (ə) haqqında olan bəzi hədislərin səhih (düzgün) olduğunu etiraf etməklə yanaşı, bəzi hədisləri də tənqid edərək onların zəif olduğunu bildirmiş və nəticədə mehdişünaslıq məsələsində şəkkə düşmüşdür. Məhəmməd Siddiq Məğribi “İbrazul-vəhmil-məknun min kəlami-İbni Xəldun” adlı bir kitab yazaraq onun bu məsələ ilə əlaqədar fikirlərini rədd etmişdir. Eyni zamanda Əbdülmöhsin ibn Həmd İbad “Ər-rədd əla mən kəzibə bil-əhadisis-səhihətil-varidə fil-Məhdi (ə)” adlı məqaləsində İbn Xəldunun şübhələrinə cavab vermişdir.)Bunlar əhli-sünnənin imam Mehdi (ə) haqqında inanclarından ibarət bir neçə nümunədir və biz burada yüzlərlə hədisdən yalnız ikisini nəql etməklə kifayətlənirik. Bu hədislər əhli-sünnənin ən mötəbər kitablarında nəql edilmişdir.İslam Peyğəmbəri (s) buyurur: “Əgər dünyanın sonuna yalnız bir gün qalsa belə, Allah o günü nəslimdən adı mənim adımla eyni olan bir şəxsin zühuruna qədər uzadacaqdır.”[4]Başqa bir hədisdə də buyurur: “Vaxtı çatdıqda, nəslimdən əxlaqı və adı mənə bənzəyən bir şəxs qiyam edəcək və yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq-ədalətlə dolduracaqdır.”[5]Bunu da qeyd etmək lazımdır ki, zühur edib dünyanı ədalətlə dolduracaq islahatçı və xilaskara inanmaq dünyamiqyaslı bir anlayış və hamı tərəfindən qəbul edilən bir görüşdür. Sözsüz, bütün səmavi dinlərin həqiqi ardıcılları dini kitabların təlimi sayəsində vəd edilmiş böyük xilaskarın qıyamını gözləyirlər. Zəbur, Tövrat və İncil kimi müqəddəs kitablarda, eləcə də hinduların, zərdüştlərin və bərəhmənlərin kitablarında böyük xilaskarın zühurundan söz açılmışdır. Əlbəttə ki, onların hər biri ona müəyyən ləqəblər vermişlər; zərdüştlər onu “Suşyanis” (dünyanın xilaskarı), xristianlar “Məsihi-Moud” (vəd edilmiş Məsih), yəhudilər isə “Süruri-Mikaili” adlandırmışlar. Zərdüştlərin müqəddəs kitabları “Camasibnamə”də belə göstərilir: “Məkkə dağları arasından zühur edən ərəbdilli peyğəmbəri sonuncu peyğəmbərdir. Kölələri ilə birlikdə yemək yeyəcək və onlar kimi oturacaq... Onun dini bütün dinlərdən üstün olacaq və kitabı bütün kitabları batil edəcək... Dünya günəşi və zamanın şahı adlanacaq və peyğəmbər qızının ovladlarından dünyaya gələcək bir şəxs Allahın icazəsi ilə dünyaya rəhbərlik edəcək. O, həmin peyğəmbərin son xəlifəsidir... Onun hakimiyyəti qiyamətə qədər davam edəcəkdir...”[6] [1] “Əl-müstədrəku ələs-sahiheyn”, c.4, səh.557.[2] “Təfsiri-Qurtubi”, c. 8, səh.121.[3] Əhli-sünnənin nəzdində ən mötəbər “altı hədis külliyyatı” kitablarına verilən addır. Bunlar onların nəzərində ən mötəbər hədis kitabları sayılır. Həmin kitabların adları belədir: “Səhihi-Buxari”, “Səhihi-Müslim”, “Sünəni-Əbu Davud”, “Sünəni-İbn Macə”, “Sünəni-Nisai” və “Müsnədi-Termizi”. Əhli-sünnə Qurani-Kərimdən sonra bu kitabları ən mötəbər kitablar hesab edirlər.[4] “Sünəni-Əbu Davud”, c. 2, hədis 4282, səh.106.[5] “Əl-mocəmul-Kəbir”, c. 10, hədis 10229, səh.83.[6] “Ədyan və Məhdəviyyət”, səh.21.

127 Oxu
İmam Məhdi (ə) 21.08.2026

İmam Zamanın (ə.c) imamətinin başlanğıcı

İmam Mehdinin (ə) həyatı üç dövrdən İbarətdirHicri-qəməri təqvimi ilə Rəbiül-əvvəl ayının 9-u bəşəriyyət aləminin xilaskarı, imam Zamanın (ə.c) imamət məqamına çatdığı gündür. Bu günü Əhli-beyt (ə) yolunun yolçuları o həzrətin bu illahi məqama sahib olduğu üçün bayram kimi qeyd edirlər. Biz də bu mübarək gün münasibətilə Əhli-beyt tərəfdarlarını təbrik edir və Allah-Taaladan istəyirik ki, gözlərimizi o həzrətin mübarək camalı ilə işıqlandırsın, bizi, o həzrətin vəfalı dostları və fədakar əsgərlərindən qərar versin! Bu fürsətdən istifadə edib, o həzrətin imaməti ilə bağlı atası imam Həsən Əskərinin (ə) rəvayətini əziz oxucularımızın diqqətinə çatdırırıq:İmam Həsən Əskərinin (ə) xidmətçisi Əbülədyandan belə nəql edilir: “Bir gün imam Həsən Əskəri (ə) məni çağırıb buyurdu: “Bu məktublar mənə yazılmış məktubların cavabıdır, onları Mədainə çatdırmalısan.” Sonra əlavə edərək buyurdu: “On bеş gündən sonra qayıdıb, mənim şəhadətə yetdiyimi görəcəksən.” Soruşdum: “Еy Peyğəmbər (s) övladı! Səndən sonra vəsi və imam kimdir?” İmam (ə) buyurdu: “Mənim məktublarımı səndən soruşacaq şəxs məndən sonrakı imamdır.” Soruşdum: “Bundan başqa, onun nə kimi əlaməti var?” Buyurdu: “Cənazəmə namaz qılan şəxs məndən sonrakı imamdır.” Yenə soruşdum: “Əlavə əlamət verə bilərsinizmi?” İmam (ə) buyurdu: “Xurcundan xəbər verən şəxs məndən sonrakı imamdır.” İmamın (ə) hеybəti-əzəməti məni tutdu və daha bundan artıq sual soruşa bilmədim. Mən məktubları götürüb Mədainə gеtdim. On bеş gündən sonra qayıdıb, imam Həsən Əskərinin (ə) şəhaətə yetdiyini və o həzrətə qüsl vеrildiyini gördüm. Az sonra İmamın (ə) qardaşı Cəfərə dеdilər ki, gəlib imam Həsən Əskərinin (ə) cənazəsinə namaz qılsın. Mən bilirdim ki, Cəfərin imamət məqamına ləyaqəti yoхdur. Mən hеyrət içində qalmışkən, birdən bir uşaq (imam Mehdi (ə.c.)) gəlib Cəfəri kənara çəkdi və cənazəyə namaz qılmağa başladı. Namaz qurtardıqdan sonra o, üzünü mənə tutub buyurdu: “Məktubların cavabını vеr.” Bir az sonra Qum şəhərindən neçə nəfər gəlib, imam Həsən Əskərinin (ə) vəsisinin kim olduğunu soruşdu. Cəfər dеdi ki, imam Həsən Əskərinin (ə) vəsisi mənəm. Onlar dеdilər: “Biz özümüzlə pul və məktub gətirmişik və əgər həqiqətən, sən imam Həsən Əskərinin (ə) vəsisisənsə, dе görək, məktublar kimdən gəlib, xurcunların içində nə qədər pul var və o pulların sahibi kimdir? Çünki imam Həsən Əskəri (ə) həmişə bеlə еdərdi.” Cəfər hirslənib dеdi: “Təəccüblüdür, insanlar məndən qеyb soruşurlar!” Bu zaman imam Həsən Əskərinin (ə) еvindən bir xidmətçi çıхıb, “Fılankəslərin məktubları sizdədirmi? (Məktubların sahiblərinin adları və xüsusiyyətlərini də söylədi.) Həm də sizdə min dinar pul olmalıdır və on dinarının üzərindəki şəkil və yazılar pozulmuşdur!” – dedikdə, məktubları və malları ona verib dedilər: “Bunları almaq üçün səni göndərən şəxs imamdır...” (“Kəmalud-din”, c.2, fəsil 43, h.25, s.223.)Qeyd edək ki, imam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası imam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, imam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür:a) Kçik (qısamüddətli) qeyb dövrü: 260-cı hicri-qəməri ilində imam Həsən Əskərinin (ə) şəhadətə yetməsi ilə imam Mehdinin (ə) imamlıq dövrü və bu tarixdən etibarən, o həzrətin kiçik qeyb dövrü də başladı. Kiçik qeyb dövrü 329-cu hicri-qəməri ilinə qədər, təxminən, 70 il davam etdi.b) Böyük (uzunmüddətli) qeyb dövrü: Bu dövr 329-cu hicri-qəməri ilindən başlanmışdır və Allahın əmri və iradəsi ilə qeyb buludlarının çəkilib dünyanın vilayət günəşi ilə işıqlanacağı günə qədər davam edəcək.3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci imam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o imamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.Allahdan istəyirik ki, o həzrətin zühurunu tezləşdirsin, o həzrətin zühuru ilə dünyanı haqq-ədalətlə doldursun və möminlərin qəlblərini sevindirsin!

168 Oxu
İmam Həsən Əskəri (ə) 20.08.2026

İmam Həsən Əskərinin (ə) şəhadəti

Rəbiül-əvvəl ayının 8-i ) on birinci imamımız imam Həsən Əskərinin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:Tarixçilərin qeydlərinə əsasən, şiələrin on birinci imamı həzrət Həsən ibn Əli Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbiüs-sani ayının 8-ci, yaxud 10-cu günü dünyaya gəlmiş və 28 il həyat sürmüşdür. Həmçinin əksər tarixçilər imam Həsən Əskərinin (ə) 260-cı h.q. ilinin Rəbiül-əvvəl ayının 8-də şəhadətə yetdiyini qeyd etmişlər. Atası imam Hadinin (ə) 254-cü ildə vəfat etdiyini nəzərə alaraq, imam Həsən Əskərinin (ə) imamət müddəti Şeyx Müfidin rəvayətinə əsasən, altı il və Səd ibn Abdullahın rəvayətinə görə isə, beş il səkkiz ay olmuşdur. (“Əl-irşad”, Şeyx Müfid, s. 335.) O həzrətin (ə) anasının adının “Hədis” və ya “Hadisə”, bəzi qaynaqlarda isə “Susən” olduğu qeyd edilmişdir. “Uyunul-mucizat” kitabının müəllifi imam Həsən Əskərinin (ə) anasının düzgün adının “Səlil” olduğunu demiş və onu “O, arif və saleh kəslərdən idi!” ibarəsi ilə mədh etmişdir. (“Biharul-ənvar”, Əllamə Məclisi, c. 50, s. 238.)İmam Həsən Əskərinin (ə) ləqəblərinin Samit, Hadi, Rəfiq, Zəki, Nəqi və Xalis olduğunu qeyd etmişlər. O həzrət Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdır. (“İləlüş-şəraye”, c.1, səh.230.) Həm imam Cavad (ə), həm də imam Həsən Əskəri (ə) “İbnur-Rza” künyəsi ilə məşhur olmuşlar. Necə ki, imam Hadi (ə) və imam Həsən Əskəri (ə) “Əskəriyeyn” ləqəbi ilə tanınmışlar.Əhməd ibn Übeydullah ibn Xaqan imam Həsən Əskərini (ə) “qaragözlü, qədd-qamətli, gözəlçöhrəli və qamətidüz” – ibarələri ilə vəsf etmişdir. (“Kəmalud-din”, c. 1, s. 40.)Təəssüflər olsun ki, imam Həsən Əskərinin ömrü ya zindanda, ya da sürgünlərdə kеçmişdir. O, iki, ya üç yaşında ikən, atası imam Hadi (ə) ilə birlikdə sürgün olunaraq ömrünün iyirmi ilini atası ilə yanaşı sürgün və zindanlarda kеçirmişdir. Atasından sonra altı il imamlıq dövrünü də şiddətli məhdudiyyətlər altında yaşamışdır.O həzrətin atası imam Hadi (ə) 254-cü ildə şəhadətə çatdıqdan sonra, o həzrətin öz buyruğuna əsasən, oğlu imam Həsən Əskəri (ə) şiələrin imamı oldu. O həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetmiş, altı il şiələrin imamı olmuş və ümumilikdə isə, iyirmi səkkiz il həyat sürmüşdür.İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o həzrətə olan diqqətinin artdığını, eləcə də zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə kələklərinə əl atıb İmamı gizli şəkildə zəhərləyir və İmam (ə) 260-cı hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının 8-də şəhadətə yetir. Dördüncü əsrin (hicri tarixi ilə) alimlərindən olan Məhəmməd ibn Cərir ibn Rüstəm Təbəri də qeyd edir ki, imam Həsən Əskəri (ə) zəhərlənmə nəticəsində şəhadətə qovuşmuşdur. (“Dəlailül-imamə”, səh.223.)İmam Həsən Əskərinin (ə) xidmətçisi Əbülədyandan belə nəql edilir: “Bir gün imam Həsən Əskəri (ə) məni çağırıb buyurdu: “Bu məktublar mənə yazılmış məktubların cavabıdır, onları Mədainə çatdırmalısan.” Sonra əlavə edərək buyurdu: “On bеş gündən sonra qayıdıb, mənim şəhadətə yetdiyimi görəcəksən.” Soruşdum: “Еy Peyğəmbər (s) övladı! Səndən sonra vəsi kimdir?” İmam (ə) buyurdu: “Mənim məktublarımı səndən soruşacaq şəxs məndən sonrakı imamdır.” Soruşdum: “Bundan başqa, onun nə kimi nişanəsi var?” Buyurdu: “Cənazəmə namaz qılan şəxs məndən sonrakı imamdır.” Yenə soruşdum: “Əlavə nişanə verə bilərsinizmi?” İmam (ə) buyurdu: “Kisədən xəbər verən şəxs məndən sonrakı imamdır.” İmamın (ə) hеybəti-əzəməti məni tutdu və daha bundan artıq sual soruşa bilmədim. Mən məktubları götürüb Mədainə gеtdim. On bеş gündən sonra qayıdıb, imam Həsən Əskərinin (ə) şəhid еdildiyini və o həzrətə qüsl vеrildiyini gördüm. Az sonra İmamın (ə) qardaşı Cəfərə dеdilər ki, gəlib İmamın (ə) cənazəsinə namaz qılsın. Mən bilirdim ki, Cəfərin imamlığa ləyaqəti yoхdur. Mən hеyrət içində qalmışkən, birdən bir uşaq (imam Mehdi (ə.c.) gəlib Cəfəri kənara çəkdi və cənazəyə namaz qıldı. Namaz qurtardıqdan sonra o, üzünü mənə tutub buyurdu: “Məktubların cavabını vеr.” Bir az sonra Qum şəhərindən neçə nəfər gəlib, imam Həsən Əskərinin (ə) vəsisinin kim olduğunu soruşdu. Cəfər dеdi ki, imam Həsən Əskərinin (ə) vəsisi mənəm. Onlar dеdilər: “Biz özümüzlə pul və məktub gətirmişik və əgər həqiqətən, sən imam Həsən Əskərinin (ə) vəsisisənsə, dе görək, məktublar kimdən gəlib, kisələrdə nə qədər pul var və o pulların sahibi kimdir? Çünki imam Həsən Əskəri (ə) həmişə bеlə еdərdi.” Cəfər hirslənib dеdi: “Təəccüblüdür, insanlar məndən qеyb soruşurlar!” Bu zaman imam Həsən Əskərinin (ə) еvindən bir xidmətçi çıхıb, “Fılankəslərin məktubları sizdədirmi? (Məktubların sahiblərinin adları və xüsusiyyətlərini də söylədi.) Həm də sizdə min dinar pul olmalıdır və on dinarının üzərindəki şəkillər pozulmuşdur!” – dedikdə, məktubları və malları ona verib dedilər: “Bunları almaq üçün səni göndərən şəxs imamdır...” (“Kəmalud-din”, c.2, fəsil 43, h.25, s.223.)

113 Oxu
Könül oxşayan Hədislər 17.08.2026

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır.

“Şübhəsiz ki, hər bir İmamın öz dostlarının (ardıcıllarının) və şiələrinin öhdəsində (boynunda) ilahi bir əhd-peymanı vardır. Həmin əhd-peymana tam vəfalı olmanın və bu vəzifəni ən gözəl şəkildə yerinə yetirməyin şərtlərindən biri də onların qəbirlərini ziyarət etməkdir. Hər kim (bu imamlara olan sevgidən doğan) şövq və rəğbətlə, eləcə də onların rəğbət bəslədikləri şeyləri (həqiqət və dəyərləri) təsdiq edərək onların müqəddəs qəbirlərini ziyarət edərsə, İmamları Qiyamət günündə onların şəfaətçiləri olar”. «إِنَّ لِكُلِ‏ إِمَامٍ‏ عَهْداً فِي‏ عُنُقِ‏ أَوْلِيَائِهِ‏ وَ شِيعَتِهِ‏، وَ إِنَّ مِنْ تَمَامِ الْوَفَاءِ بِالْعَهْدِ وَ حُسْنِ الْأَدَاءِ زِيَارَةَ قُبُورِهِمْ، فَمَنْ زَارَهُمْ رَغْبَةً فِي زِيَارَتِهِمْ‏ وَ تَصْدِيقاً بِمَا (لما) رَغِبُوا فِيهِ، كَانَ أَئِمَّتُهُمْ شُفَعَاءَهُمْ يَوْمَ الْقِيَامَةِ» İmam Rza (ə) Cəfər ibn Məhəmməd ibn Qəuləvəyh, “Kamiluz-ziyarat”, s.121. – (Nəcəful-Əşrəf, 1356 h, birinci çap).

Könül oxşayan Hədislər 15.08.2026

“Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»

İmam Əli ibn Hüseyn Zeynülabidindən (ə) soruşdular: “Namazın (və digər əməllərin) qəbul olunma səbəbi (şərti) nədir?»İmam Səccad (ə) buyurdu: “Bizim vilayətimizi (rəhbərliyimizi) qəbul etmək və düşmənlərimizdən bərat etməkdir (uzaqlaşmaqdır)”.«... قَالَ: «مَا سَبَبُ‏ قَبُولِهَا؟». قَالَ (ع): «وَلَايَتُنَا وَ الْبَرَاءَةُ مِنْ أَعْدَائِنَا».Əllamə Məclisi, “Biharul-ənvar”, c. 81, s. 244, hədis: 35.“əl-Usul əs-Sittətə Əşər”, (Dar əl-Şəbustəri çapı), s.71.İbn Şəhraşub, “əl-Mənaqib”, c.4, s.130. 

141 Oxu
Arşdırmalar 14.08.2026

Hicrət – islam tarixinin başlanğıcı

Ərəb dilindən tərcüməsi «köçmək» deməkdir. Həzrət Mühəmmədin (s) Peyğəmbərliyinin 13-cü ilində Məkkədə müşriklərin zülm və əziyyətinin dözülməz həddə çatdığı bir şəraitdə müsəlmanların, onların da ardınca Peyğəmbərin Yəsrib (Mədinə) şəhərinə köçməsinə deyilir. Bundan əvvəl Yəsribdən gəlmiş nümayəndə heyəti Peyğəmbərlə iki dəfə beyət edərək (Əqəbə beyətləri), o həzrətə sığınacaq verməyi və İslamı qorumağı vəd etmişdi. Peyğəmbərin tapşırığı ilə əvvəlcə bütün müsəlmanlar Məkkəni tərk edib Mədinəyə köçdülər. Şəhərdə Peyğəmbərin özündən, Əbu Bəkrdən, Əli ibn Əbu Talibdən və Bəni-Haşim soyuna mənsub bir neçə qadından savayı müsəlman qalmamışdı. Məkkə müşrikləri müsəlmanların şəhəri tərk etmələrindən xəbər tutan kimi qərara gəldilər ki, Həzrət Mühəmmədin (s) əldə çıxmasına heç cür icazə verməsinlər. Bunun üçün ən yaxşı yol Onu öldürmək idi. Bəni-Haşimin qisas tələbini əngəlləmək üçün qərara aldılar ki, Məkkənin adlı-sanlı ailələrinin hər birindən nümayəndələr seçilsin, sonra onlar silahlanıb gecə Peyğəmbərin evinə hücum etsinlər və Onu öldürsünlər. Bu halda Mühəmmədin (s) qatili məlum olmayacaq, qohumları da Onun intiqamını kimdən alacaqlarını bilməyəcəklər. Müşriklər bu planı çox gizli saxlasalar da, Allah vəhy vasitəsilə öz Peyğəmbərini məsələdən agah etdi. Həzrət Mühəmməd (s) şəhəri təcili surətdə tərk etməyə hazırlaşdı. Təyin olunmuş gündə 40 nəfərlik sui-qəsd qrupu Peyğəmbərin evinin qarşısında pusqu qurub gecənin düşməsini gözləməyə başladı. Həzrət Mühəmməd (s) onların zənnini azdırmaq üçün öz əbasını əmisi oğlu Əli ibn Əbu Talibin əyninə geyindirdi və Onu öz əvəzində evdə saxladı. Əli bu təhlükəli anda Peyğəmbəri qorumaq təklifini canla-başla qəbul etdi. Bu münasibətlə Qurani-kərimin aşağıdakı ayəsi nazil oldu: «İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır» («Bəqərə», 207). Hava qaralanda Həzrət Mühəmməd Peyğəmbər (s) gizlicə evdən çıxdı. Sui-qəsdçilər Onun getməsini duymadılar, pəncərədən gördükləri şəxsin (Əlinin) Mühəmməd (s) olduğunu zənn edib arxayınlıqla pusqunu davam etdirdilər. Gecəyarı sui-qəsdçilər qapını sındırıb içəri soxuldular, lakin Peyğəmbərin yatağında Əli ibn Əbu Talibin yatdığını gördülər. Peyğəmbər isə əvvəlcədən qərarlaşdıqları yerdə Əbu Bəkrlə görüşüb, onunla birlikdə Məkkəni tərk etdi. Onlar məkkəlilərin zənnini azdırmaq üçün Yəsribə sarı deyil, əks tərəfə üz tutdular və Məkkənin cənubundakı Səvr dağının mağarasında gizləndilər. Allahın möcüzəsi ilə Peyğəmbər və Əbu Bəkr mağaraya daxil olandan sonra mağaranın girişini bir hörümçək torla örtdü, bir göyərçin də orada yuva qurub yumurtladı. İzi tutub mağaraya kimi gələn təqibçilər hörümçək torunu və göyərçini görəndə bu mağaraya çoxdan bəri insan girmədiyini zənn edib qayıtdılar. Həzrət Mühəmmədlə (s) Əbu Bəkr mağarada 3 gün qaldılar. Onların vəziyyəti aşağıdakı ayədə təsvir edilmişdir: «(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri olaraq çıxardıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): «Qəm yemə, Allah bizimlədir!» dediyi zaman göstərmişdi» («Tövbə», 40). Bu müddətdə onlar Əbu Bəkrin sürüsünü dağın ətəyində otaran Amir adlı çobanın verdiyi südlə, Əli ibn Əbu Talibin və Abdullah ibn Əbu Bəkrin hər gün gətirdiyi yemək payı ilə dolanırdılar. Mağaradan şəhərə dönərkən Əli və Abdullah irəlidə gedir, onların ardınca Amir qoyun sürüsünü gətirirdi. Buna görə yerdə insan ləpiri qalmır və yalnız qoyun sürüsünün keçməsi təsəvvürü yaranırdı. Bu səbəbdən ən bacarıqlı ləpirtanıyanlar belə, Peyğəmbərin gizləndiyi yeri tapa bilmirdilər. Üç gün tamam olduqdan İslam Peyğəmbəri və Əbu Bəkr bələdçinin müşayiəti ilə Yəsribə tərəf yollandılar. Bunun üçün Əbu Bəkr Məkkədəki sürüsündən iki dəvə gətizdirdi. Peyğəmbər halallıq naminə həmin dəvələrin qiyməti barədə onunla sövdələşdi və pul tapan kimi ödəyəcəyini bildirdi. Yolda Məkkə təqibçilərindən Süraqə adlı birisi təsadüfən onların izinə düşdü. O, atını düz Həzrət Mühəmməd Peyğəmbərin (s) üstünə səyirtdi. Bu zaman Allahın yardımı ilə möcüzə baş verdi: Süraqənin atı şahə qalxıb onu yerə çırpdı. Əzilmiş və silahı əlindən düşmüş Süraqə aman istəməyə məcbur oldu. Peyğəmbər Süraqəyə bu şərtlə aman verdi ki, onları gördüyünü heç kəsə deməsin. Süraqə verdiyi sözə əməl etdi; bunun sayəsində Peyğəmbər və səfər yoldaşları təhlükəsiz halda öz yollarına davam etdilər. Mədinəyə bir az qalmış quraqlıq nəticəsində heyvanlarının südü qurumuş bir qadına rast gəldilər. Peyğəmbərin duası ilə heyvanların südü qayıtdı. Bu iki hadisə: Süraqənin zərərsizləşdirilməsi və qoyunların bol süd verməsi Həzrət Mühəmməd Peyğəmbərin (s) hicrət yolunda göstərdiyi möcüzələrdən sayılır. Peyğəmbər Yəsribə birbaşa daxil olmayıb, şəhər kənarındakı Qüba kəndində dayandı. O həzrət hicri təqvimlə rəbiül-əvvəl ayının 1-də Məkkədən çıxıb, ayın 12-də Qübaya çatmışdır. Onun hicrət səfəri 12 gün davam etmişdir. Həzrət Mühəmməd (s) Məkkədə «əmin» (etibarlı, əmanətdar) ləqəbi ilə tanınırdı. Camaat öz qiymətli əşyalarını, mübahisəli əmlakını saxlamaq üçün Ona verirdi. Peyğəmbər hicrət edəndə evində xeyli əmanət pul və mal qalmışdı. Əli ibn Əbu Talib əmanətləri öz sahiblərinə təhvil verdi, sonra Məkkədə qalmış anası Fatimə bint Əsədi və Peyğəmbərin kiçik qızı Fatimeyi-Zəhranı da özü ilə götürüb şəhərdən çıxdı. Məkkə müşrikləri Ona mane olmaq istəsələr də, Əlinin şücaəti qarşısında tab gətirməyib geri dönməyə məcbur oldular. Əli himayəsində olanlarla birlikdə rəbiül-əvvəl ayının 15-də Qüba kəndinə çatıb Peyğəmbərə qoşuldu. Bu müddə ərzində artıq Qübada Peyğəmbərin başçılığı altında ilk məscidin bünövrəsi qoyulmuşdu. Həmin gün Həzrət Mühəmməd Peyğəmbər (s) Yəsribə daxil oldu. Yəsriblilər o həzrəti çox səmimi qarşıladılar. Peyğəmbər şəhərə yaxınlaşanda əllərində xurma budağı tutmuş yəsriblilər pişvaza çıxıb, bu münasibətlə qoşduqları nəğməni oxumağa başladılar: «Yəsrib kənarındakı təpələrdən on dörd gecəlik Ay üzümüzə doğdu (yəni Peyğəmbər şəhərimizə gəldi). Yer üzündə bircə nəfər dua edən mömin qalsa da, bu səadəti nəsib etdiyinə görə Allaha şükr etməlidir. Ey Allah tərəfindən bizə göndərilmiş Peyğəmbər, sənin əmrlərinə itaət etmək borcumuzdur”. Hər bir yəsribli müsəlman istəyirdi ki, Peyğəmbər onun evində qonaq qalsın. Amma Allahın Peyğəmbəri mübahisələrə son qoymaq məqsədilə elan etdi ki, Onun dəvəsinnin ovsarını sərbəst buraxsınlar; dəvə harada çöksə, Peyğəmbərin evi orada tikiləcək. Dəvə Yəsribin küçələrini gəzib, iki yetim uşağa aid sahədə yerə yatdı. Peyğəmbər həmin sahənin pulunu uşaqların hömayədarına ödədi. Burada ilk məscidi və Peyğəmbərin evini tikmək qərara alındı. Məscid və ev hazır olana kimi Həzrət Mühəmməd (s) yaxınlıqdakı Əbu Əyyub Ənsarinin evində yaşadı. Peyğəmbər Yəsribə köçdükdən sonra bu şəhəri «Mədinətün-nəbi» (Peyğəmbərin şəhəri) adlandırmağa başladılar. Sonralar şəhərə qısaca olaraq «Mədinə» (şəhər) dedilər. Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti müsəlman təqviminin (hicri-qəməri təqvimin) başlanğıcı sayılır. Hicrət İslam taixində mühüm yerə malik olan hadisədir. Bu, əslində İslamın məhv olmaqdan, Peyğəmbərin də ölümdən xilas olma tarixidir. Hicrət ilk müsəlman icmasının yaranmasının başlanğıcıdır. İslam tarixində iki böyük hicrət olmuşdur. Bunlardan birincisi və ən mühümü – yuxarıda haqqında danışılan Mədinə hicrəti, o biri isə Həbəşistana hicrətdir  Natiq Rəhimov

105 Oxu
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...