Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimə (s) Allahın sirridir

Bismillahir-rəhmanir-rəhim “Həqiqətən, Biz sənə Kövsər bəxş etdik!”[1] “Kövsər”, Peyğəmbəri-ərkəmə (s) verilmiş Allahın sirridir. Ağıl həqiqətin aşağı mərhələsini dərk edə bilər, amma yuxarı mərtəbələri dərk etmək üçün sirr olmaq lazımdır. Üveys Qərəni kimi. Çöllərdə dəvə otaran olmasına baxmayaraq onun dərk edə bildiyini başqaları dərk edə bilmirdi. İmam Həsən Əskəri (ə) buyurur: “Biz Allahın camaata olan höccətiyik, Fatimə(s) isə Allahın bizə olan höccətidir”[2]. Müasir nəsil üçün örnək yoxluğu böhran yaratmışdır. Halbuki, Mütəal Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu sizlər üçün gözəl örnəkdir!”[3] İnsan üçün örnək lazımdır və bu fitri bir məsələdir. İnsan bütün həqiqətləri bir insanlıq formasında görməyə çalışır. Sirrin nəzəri olmasını istəmir. Əgər insan dünyanın harasındasa belə bir insanlıq örnəyinin olduğunu bilsə, onun vücudundakı həqiqətin özündə də olmasını istəyir. Belə bir şəxs cahanşümuldur, amma dünyanın bir küncündə qalıb. Onun danışması, bir söz deməsi lazım deyil. Həzrət Ayətullah Behcət (rh) dünyanın bir qırağında oturmuşdu. Mənəviyyat, Günəş nuru kimi ondan hər tərəfə saçırdı. Onun nurunun şüası bütün şiə aləminə yetişirdi. Həzrət Fatimeyi-Zəhra (s) elə bir şəxsiyyətdir ki, bütün ilahi insanlar onu özünə örnək olaraq qəbul edirlər. Höccət olanlar, özlərindən üstün anaları Fatiməni (s) özləri üçün höccət bilirlər. İmam Zaman (əc) ilk xütbəsində buyurur: “Peyğəmbərin (s) qızında mənim üçün gözəl örnək vardır”[4]. Yəni, mənim həyatımın örnəyi həzrət Zəhradır (s). O, ilahi şəxsiyyətlərini əsası və Əhli-beyt (ə) xeyməsinin sütunudur. Əllamə Məclisi “Biharul-ənvar” kitabında yazır: “Übeyd Hərəvi “Ğəribin” kitabında yazıb: Həzət Fatimə (s) və həzrət Məryəmin (s) ləqəblərindən biri də Bətuldur. Həzrət Məryəm (s) ona görə Bətul adlanıb ki, kişilər onun həriminə daxil olmayıblar. O, bütün kişilərdən uzaq gəzirdi. Həzrət Fatimə (s) ona görə Bətul adlanıb ki, dünyada onun kimisi yox idi. O, varlıq aləminin və vücudun ruhudur. Onun vücudu möcüzədir”[5]. Şiə və əhli-sünnədən mütəvatir şəkildə nəql olunan hədisdə deyillir ki, Peyğəmbər (s) buyurdu: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[6]. Onun sevinci ilə sevinir, onun qəzəbi ilə qəzəblənir. Bu rəvayəti təhlil etmək lazımdır. Burada çox dərin mətləblər vardır və Allahın Rəsuli-əkrəmə (s) buyurduğu bu ayə ilə uyğundur: “(Ya Peyğəmbərim! Düşmənlərin gözünə bir ovuc torpaq) atdığın zaman sən atmadın, Allah atdı”[7]. Mütəal Allah buyurur: “Ox atan Mənəm”. Yəni fel məqamında Peyğəmbəri-ərkəmin (s) iradəsi Allahın iradəsində məhv olmuşdur. Həmçinin, Fatimənin (s) də iradəsi Allahın iradəsində məhvdir. Fatimənin (s) qəzəbi, Allahın qəzəbinin zühurudur. Fatimə razı olsa, Allahın razılığının zühurudur. Ona görə də biz Fatimənin (s) razılığını qazana bilsək, onda bütün razılığı qazanmışıq. Seyri-süluk budur. Seyri-süluk, Əhli-beytin (s) astanasında fani olmaqdır. Bizim bütün işlərimiz Əhli-beytin (ə) astanasına çatmaq, onların həyatda və ürəkdəki varlarından bizim həyatımız və ürəyimizdə də zühur etməsini əldə etmək üçün müqəddimədir. Peyğəmbəri-əkrəm (s) bu bəyanı ilə bütün müsəlmanların hidayət olması və düz yoldan sapınmaması üçün yol göstərmişdir. Şiə və əhli-sünnədən mütavatir surətdə nəql olunan bu hədisə hər kəs əməl etsə, hidayət olacaqdır. Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu ———————————————– [1] . “Kövsər” surəsi, ayə 1.[2] . “Əvalimul-ulumi vəl-məarifi vəl-əhvali minəl-ayati vəl-əxbari vəl-əqval”, c. 11, səh. 1030.[3] . “Əhzab” surəsi, ayə 21.[4] . Tusi, “Əl-ğeybə”, səh. 286.[5] . “Biharul-ənvar”, s. 43, səh. 16.[6] . “Məanil-əxbar”, səh. 303.[7] . “Ənfal” surəsi, ayə 17.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimə (s) yaradılışın ləylətul-qədridir

Bismillahir-rəhmanir-rəhim Peyğəmbəri-əkrəm (s) buyurdu: «إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَى لَيَغْضَبُ لِغَضَبِ فَاطِمَةَ وَ يَرْضَى لِرِضَاهَا» “Allah Təbarək və Taala Fatimənin qəzəbi ilə qəzəblənir, onun razılığı ilə razı olur”[1]. Yəni, Fatimənin fel və iradəsi Allahın fel və iradəsində fəna olmuşdur. Kövsər budur. İnsan bu məqama çatmayınca kövsər olmur və həyatın hər tərəfindən bütün aləmə cari olan çoxlu xeyrə çatmır. Bu da fel, sifət, isimdə fəna olmaq deməkdir. Hətta bəziləri deyiblər ki, zatda da fəna olmaq mümkündür. Buradadır ki, həzrət Fatimə (s) yaradılışın “ləylətul-qədr”i olur. “Ləylətul-qədr Fatimədir”[2]. Bunun mənası odur ki, ömrünüzün hər anının min aydan üstün olması üçün Fatimənin (s) süfrəsi başında oturun. “Qədr gecəsi min aydan üstündür”[3]. İmam Sadiq (ə) buyurdu: “Həzrət Zəhra (s) tövhidin çıraqdanıdır”[4]. Allahın yer üzündə çıraqları vardır və onların hamısı Fatimənin (s) vücudunda qoyulmuşdur. Bütün məsum imamların (ə) nuru, anaları Fatimədə (s) təcəlli etmişdir. Mütəal Allah “Nur” surəsində buyurur: «اللَّهُ نُورُ السَّماواتِ وَ الْأَرْضِ مَثَلُ نُورِهِ كَمِشْكاةٍ فيها مِصْباحٌ الْمِصْباحُ في‏ زُجاجَةٍ الزُّجاجَةُ كَأَنَّها كَوْكَبٌ دُرِّيٌّ يُوقَدُ مِنْ شَجَرَةٍ مُبارَكَةٍ زَيْتُونَةٍ لا شَرْقِيَّةٍ وَ لا غَرْبِيَّةٍ يَكادُ زَيْتُها يُضي‏ءُ وَ لَوْ لَمْ تَمْسَسْهُ نارٌ نُورٌ عَلى‏ نُورٍ يَهْدِي اللَّهُ لِنُورِهِ مَنْ يَشاءُ وَ يَضْرِبُ اللَّهُ الْأَمْثالَ لِلنَّاسِ وَ اللَّهُ بِكُلِّ شَيْ‏ءٍ عَليمٌ» “Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyini öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!”[5]. Allahın nurunun nümunəsi vardır. Bizim dərk edə bilməyimiz üçün həqiqətləri endirir, nümunə və misalla başa salır. Biz həqiqətin özünü dərk edə bilmək gücünə qadir deyilik. Həqiqəti dərk etmək üçün həqiqətin özü olmaq lazımdır və tövhid çıraqdanının ardınca getməliyik. Zülmət aləmindən və nadanlıq qaranlığından nicat tapmaq üçün tövhid çıraqdanının nurundan istifadə etməliyik. “Yer sizin nurunuzla nurlanır və sizin vilayətinizin feyzi ilə feyzə çatır”[6]. Yəni, siz Əhli-beyt (ə) aləmdə saçan tövhid günəşisiniz və aləmin nuru sizdəndir, bütün aləm sizin vücudunuzun ardıncadır və siz işıq salırsınız. “Allaha göylərin və yerin nurudur”. Aləmin nurunun hamısı Allahdandır və bu nur tövhid çıraqdanında zühur etmişdir. Tövhid çıraqdanı isə Fatimeyi-Zəhranın (s) vücududur. Bu nuru görmək üçün gözün varmı? Bəsirətin var, yoxsa təkcə gözün var? Baxışın sərrastdır, ya yox? “Sən bu gün sərrast görürsən!”[7] Qiyamət günü baxışlar sərrastlaşar. Amma indi insan nəfs qiyamətinə yetişsə, nə etdiyini başa düşər, elə indi qiyamət baş verər. Süluk da bunun üçündür. Pisliklər və çirkinliklər insanın ruhuna ariz olur, bizimlə Fatimə (s) arasınca pərdə yaradır. İnsanlar, hicablara düçar oldular və Fatiməni (s) görmədilər. Biz, Fatiməyə (ə) möhtacıq. O bizim vücudumuzun və bütün varlığın günəşidir. O, tövhid çıraqdanıdır. Yəni, onun vücudu olmadan tövhid aləmdə təcəlli etmir. Həzrət Fatiməni (s) bəsirət gözü ilə görmək lazımdır. Qurani-kərim bəşərin müşkülü barədə buyurur: «وَ إِنْ تَدْعُوهُمْ إِلَى الْهُدى‏ لايَسْمَعُوا وَ تَراهُمْ يَنْظُرُونَ إِلَيْكَ وَ هُمْ لايُبْصِرُونَ» “Əgər siz onları (bütləri və ya müşrikləri) sizə doğru yol göstərməyə çağırsanız, eşitməzlər. (Ya Rəsulum!) Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər!”[8] Bu camaat sənə baxırlar, amma səni görmürlər, gözləri var, bəsirətləri yoxdur, zahiri görürlər, amma batinini görə bilmirlər, başlarında göz var, amma ürəklərində göz yoxdur. Onları hidayətə doğru çağırsan, eşitməzlər. Ürək gözün olsun və bəsirətli ol. Zahiri görmə, batinə bax. Buyurur: «سَنرُيهِمْ ءَايَاتِنَا فىِ الاَفَاقِ وَ فىِ أَنفُسِهِمْ حَتىَ‏ يَتَبَينَ‏َ لَهُمْ أَنَّهُ الحْق» “Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik”[9]. Ən üstün zikr odur ki, Allahı təkcə dildə “Allah, Allah” deməklə yox, varlıqda görəsən. Amma ürəyimiz qafil olub və öz işlərinin ardınca gedir. Namaz qılırıq, amma üzümüz mehraba, qəlbimiz bazara. Bir mərifət əhli dedi: “Sərvi gördüm, sənin qamətin yadma düşdü. Gülü gördüm, camalın ürəyimi apardı, suyu gördüm özümü həyata qərq olmuş gördüm”. Biz insanlar bütün həqiqətləri aşağı tutmuşuq, ona görə də çarəsiz olmuşuq və təkcə zahiri görürük. İmam Sadiq (ə) yuxarıdakı ayənin barəsində buyurur: “Üfüqlərdə və özümüzdə görməli olduğunuz nişanələr bizik. Bizdən böyük nişanə nə ola bilər?”[10] Nəfs və canında onları müşahidə etməlisən. Məhəbbət, Əhli-beytdə (ə) fəna olmaqdır. Əgər ürəyin o vadiyə getsə, sonsuz məhəbbətdən sonra fənaya yetişir. Məhəbbət, ürəyin fəna olması üçün bir müqəddimədir. Fənaya yetişdikdən sonra rahat olur. Ürək elə bir mərhələtə çatır ki, Seyid Bəhrül-Ülumun sözü ilə desək, insanın ürəyindən göyərçin səsi kimi bir səs eşidilir və rahatlıq tapır. Əhli-beyt (ə) varlığın ruhu və canıdır. Aləmin küllü ruhu onlardır. Hazırladı: Füruği-Tövhid Təhqiqat Qrupu —————————————————– [1] . “Məanil-əxbar”, səh. 303.[2] . “Təfsiri Fərati-Kufi”, səh. 581.[3] . “Qədr” surəsi, ayə 3.[4] . “Təfsiri Qumi”, c. 2, səh. 103.[5] . “Nur” surəsi, ayə 35.[6] . “Mən la yəhzəruhul-fəqih”, c. 2, səh. 616.[7] . “Qaf” surəsi, ayə 22.[8] . “Əraf” surəsi, ayə 198.[9] . “Fussilət” surəsi, ayə 53.[10] . “Kamuluz-ziyarat”, səh. 329.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı

Həzrət Fatimənin (ə) mövqeyi müsəlmanlar üçün hidayət çırağıdır – ilahiyyatçı Bakı, 18 mart, SalamNews, M.Sadiq. “Həzrət Fatimeyi-Zəhranın (ə) mövlud tarixi ən böyük ilahi nemətlərdən biridir. Bəşəriyyətə nümunə olaraq göndərilmiş bu Xanımın mövlud tarixini qeyd etmək, bir növ, insanların ilahi dəyərlərlə tanış olmasıdır. Bu, insanları öz həyatlarınında ilahi nümunələri tətbiq etməyə təşviq edir”. Bunu SalamNews-a açıqlamasında ilahiyyatçı alim Hacı Samir Ağayev bildirib. İlahiyyatçı deyib: “Biz Xanımın həyatından çox şey öyrənə bilərik. Öyrənəcəyimiz nümunələrindən biri Həzrət Zəhranın (ə) öz atası İslam peyğəmbərilə (s) qarşılıqlı hörmət əsasında davranması, ata-övlad münasibətləri, həmçinin peyğəmbərə necə yanaşmasıdır. Rəsulallaha (s) necə dəyər verilməlidirsə, bunun nümunəsini biz Xanım Zəhranın (ə) rəftarında görə bilərik. Təsəvvür edin ki, Xanım Fatimeyi-Zəhra (ə) peyğəmbərin (s) məqamını o qədər yüksək tuturdu ki, bu, təkcə ata-övlad münasibəti deyildi, bunun fövqündə olan bir hörmət, ali bir dəyər idi. Xanım heç vaxt Allah rəsuluna “ata” deyərək müraciət etmirdi, “Ya Rəsulallah” deyə müraciət edərdi. Həzrət peyğəmbər (s) bir gün ondan soruşanda ki, niyə ata deyə çağırmırsan, Xanım belə buyurdu: “Allahın “Ya Rəsulallah” xitabından xoşu gəlir. Mənim dini hisslərim doğmalıq hissimdən daha üstündür olduğu üçün “Ya Rəsulallah” deyə müraciət edirəm”. Buradan görürük ki, peyğəmbərə verilən yüksək dəyər Həzrət Zəhranın (ə) ən gözəl rəftarlarından biridir. Həzrət Fatimədən (s) öyrənə biləcəyimiz dərslərdən biri də onun ailədaxili münasibətləridir. Xanımın Həzrəti Əli (ə) ilə rəftarı da bizim üçün bir dərsdir. Xanım heç vaxt öz həyat yoldaşını incitmədi, ondan çətin bir şey tələb etmədi, özü elə xəstə yatağında olarkən buyurdu: “Ey əmimoğlu, heç vaxt sənə yalan danışmadım, sözündən çıxmadım və heç vaxt sənə xəyanət etmədim.” Həzrəti Əli (ə) onun cavabında buyurdu ki: “Ey peyğəmbərin (s) övladı, mən bilirəm ki, sən gözəl xanımsan, Allahdan ən çox qorxan, təqvalı, elmli qadınsan. Təbii ki, sən dediyin bu əməllər heç vaxt baş verməyib”. Xanım Zəhranın (ə) mövqeyindən biz haqqı tapa bilərik. Çünki Xanım Zəhra (ə) peyğəmbərin yetişdirdiyi, peyğəmbərin tərbiyəsi ilə böyümüş bir qadın idi və insalara nümunə kimi göstərilən bir xanım idi. Xanımın Həzrət Rəsuli-Əkrəmin (s) vəfatından sonra tutduğu mövqe bütün müsəlmanlar üçün bir hidayət çırağıdır, biz də onun həyatına, rəftarına baxıb öz yolumuzu müəyyənləşdiririk. Çünki Həzrət Fatimə (ə) bizə İmaməti, vilayəti tanıtdırdı. Bu mövlud günlərində də bizim borcumuz onun həyatı ilə yaxından tanış olmaq, Xanımın kəlamlarını, əxlaqını, rəftarını öz həyatımızda tətbiq etməkdir”.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Həzrət Fatimənin (ə) əxlaqı

. Qurani-kərim Fəcr surəsinin 27 – 30-cu ayələrində buyurur: يَأَيَّتهُا النَّفْسُ الْمُطْمَئنَّةُ ارْجِعِى إِلىَ‏ رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً فَادْخُلىِ فىِ عِبَادِى وَ ادْخُلىِ جَنَّتىِ “Ey arxayın olmuş nəfs. Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq. Mənim bəndələrimin sırasına daxil ol! Və Mənim cənnətimə daxil ol!” İnsanın dünya və axirət səadətini əldə etməsi üçün onun Qurani-kərimin yaşayış üslubuna malik olması lazımdır. Qurani-kərimin bizlərə təqdim etdiyi yaşayış üslubunun əsasını hər bir işi Allahın razılığına görə görmək, hər bir sözü Allahın razılığına görə demək, hər bir hadisəyə Allahın razılığına görə rəy bildirmək təşkil edir. Əgər biz həyat addımlarını Allahın razılığına xatir atarıqsa əməli şəkildə bütün dünyaya Qurani-kərimin yaşayış üslubunu göstərmiş olarıq. Xanım Fatimə əleyhasalam həyatı büsbütün Allahın razılığına xatır olan kamil insandır. Həzrət Fatimənin (ə) həyat səhnələrinin hamısında Allahın razılığının başqalarının razılığı fövqündə olduğu aşkar şəkildə görünür. O məsum xanım (ə) üçün Allahın razılığı yeganə hədəf olmuşdur. Vəhy mələyi Cəbrail həzrət Muhəmmədin –səllAllahu əleyhi və alih- yanına gələrək “ey Allahın Rəsulu! Allah mənə taşırdı, sənə deyim ki, qızın Fatimədən onun istəyini soruşasan. Allah vəd edir ki, həmin istəyi mütləq qəbul edəcəyəm” dedikdə həzrət Muhəmməd (s) qızı Fatimənin (ə) evinə gələrək buyurdu: “Qızım, Allahdan nə istəyirsən? Cəbrail mənə xəbər gətirib ki, sənin hacət və istəyini Allah qəbul edəcəkdir. Xanım Fatimə (ə) buyurdu: “Atacan! Mən Allahdan Onun özünü istəyirəm!” Bəli, belə bir kamillik zirvəsində olan qadın təkcə qadınlar üçün yox, əksinə bütün bəşəriyyət üçün nümunə və örnək olmaq haqqına malikdir. Həzrət Fatimə əleyhasalam üçün çoxlu elçilər gəlmişdi. Onların arasında var-dövlət sahibləri olanlar da vardı. Onların arasında Ədürrəhman ibn Ovf da vardı ki, o var-dövlətini Peyğəmbərin (s) üzünə çəkərək dedi: “Fatiməni (s) mənimlə evləndir, əvəzində sizə min qırmızı tüklü dəvə və on min dirhəmlik ev verəcəyəm.” Mənaqibi ibn Şəhr Aşub 3-cü cild 245-ci səhifə . Belə bir varlı elçiləri olduğu halda həzrət Fatimənin (s) yalnız Allahın razılığını düşünürdü. Əmirəlmöminin Əli əleyhissalam günlərin birində Allahın Rəsulunun (s) evinə gələrək Fatimə (ə) üçün elçilik etdikdə həzrət Muhəmməd –səllAllahu əleyhi və alih- qızına buyurdu: “Qızım! Əmin oğlu Əli sənin üçün elçiliyə gəlib, onun həyat yoldaşı olmağa razısanmı?!” Həzrət Fatiməin (ə) atası Peyğəmbərə (s) ilk sualı bu oldu ki; أرَضِیَ اللهُ (Mənim Əlini seçməyimdən) Allah razıdırmı?! “Onun pulu varmı ya yoxmu?” , “evi haradadır və necədir?!” , “miniyi varmı yoxmu?!” və sair bu kimi dəbdə olan sualların heç bir olmadı, o Xanımın (ə) seçimində. Onun üçün mühüm olan Allah Taalanın bu işdən razı olması idi. Allah razıdırsa, deməli Fatimə (ə) də razıdır. Çünki həzrət Fatimə (ə) dünya və axirət xoşbətliyinin Alların razılığında olduğunu bilirdi. Elə buna görə də Əbdürrəhmanın on min dirhəmlik evini yox, Əli əleyhissalamın kiçik və sadə evini seçdi. Həmin evdə dünyaya “qiyamət gününə qədər bütün insanların ülgü və nümunəsi olan” Həsən, Hüseyn və Zeynəb (onların hamısına Allahın salamı olsun) göz açmış və tərbiyə almışlar. Həmin evə dəfələrlə vəhy mələyi Cəbrail enmişdir, mələklərin get-gəl yeri olmuşdur həmin ev. Elə isə, bizim hamımızın məqsəd və məramımız Allahın razılığı olmalıdır.   RZA ƏZİZOĞLU İRƏVANİ

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

İmamətliyin nişanəsi sayılan Mushəfi-Fatimə nədir?

Mushəfi-Fatimə o kitabın adıdır ki, İmam Əlinin (ə) vasitəsilə yazılmışdır. Bu kitabın içində olanlar isə vəhy mələyi vasitəsilə Xanıma (s.ə) təlqin edilmişdir. Bu kitabda qeyb hadisələri və Ali-Muhəmmədin (ə) sirləri bəyan edilmişdir. Bu kitab imamətliyin nişanəsi sayılır və İmamların (ə) yanında əldən-ələ ötürülür. Hal-hazırda İmam Zaman ağanın (ə.f) əlindədir.Əksər hədislərə görə, Peyğəmbərdən (s) sonra nəşr edilmişdir.Həzrət Peyğəmbər (s) onun haqqında məlumat verməmişdir. Lakin bu, o demək deyildir, ki, Həzrət (s) həmin kitabdan xəbərsiz idi. Bizim əqidəmiz belədir ki, Allahın izni ilə onun gələcəkdən xəbəri var idi.Bu kitab imamətliyin nişanəsi olduğu üçün, tərkibində olanlar insanlara açıqlanmamışdır. Ona görə də ümumi insanların ondan xəbərləri yoxdur və onların ixtiyarına qoyulmamışdır.

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Niyə İmam Əli (ə) Həzrət Fatiməyə (s.ə) edilən haqsızlığın qarşısında səbr etdi?

Bu sual qarşısında deyə bilərik ki, o zamanlar Əmirəl-möminin (ə) iki yol ayrıcında qalmışdı. Ya gərək həqiqi dostlarının yardımı ilə qiyam edəydi, ya da bütün bu olanlara səbir edərdi. Bacardığı qədər müsəlmanların çətinliklərini həll etməyə çalışardı. İlahi rəhbərlər heç bir zaman qüdrəti hədəf hesab etməyib. Onların hədəfləri daha ali olmuşdur. İmam Əli (ə) də həmin zamanın siyasi və ictimai vəziyyətini qiymətləndirdikdən sonra bu nəticəyə gəlib çatır ki, əgər Həzrət Fatiməyə (s.ə) edilən zülm qarşısında reaksiya versə, Həzrət Peyğəmbərin (s) uzun illər boyu çəkdiyi zəhmətləri bada vermiş olar və şəhidlərin pak qanı hədər gedər. Ona görə də yaranmış bu vəziyyətlə barışmağa məcbur olur. Əgər bu halda İmam (ə) əlini qılıncına atsaydı və qiyama qalxsaydı, müsəlmanların arasında daxili müharibə yaranacaqdı. Daha qorxulu hadisələr baş verə bilərdi. O cümlədən: 1. İmam Əli (ə) Peyğəmbərlə (s) əhd bağlamış bir çox əziz insanlarını itirmiş olardı. 2. İslam ümmətində təfriqə yaranardı. 3. İnsanların bir hissəsi Peyğəmbərin (s) ömrünün son illərində iman gətirmişdi və Həzrətin (s) rehlətindən sonra mürtəd olmuşdu. Əgər İmam (ə) qiyama qalxsaydı, İslam cəmiyyəti daha yeni təhlükələrlə üzləşərdi. 4. Romalılar müsəlmanlar üçün mühüm təhlükə hesab olunurdu və əgər İmam (ə) qiyam etsəydi, İslam cəmiyyəti zəiflədiyi üçün bu ölkə mütləq hücum edəcəkdi. İmam (ə) bir çox şeylərə görə səbir etməli olur ki, bu saydıqlarımız onların yalnız bəzi təhlükələrindən idi. İmam (ə) bu qəmini “Nəhcul-bəlağə”də belə bəyan edir: “Bu fikirdə idim ki, tək halqa ayağa qalxam, yoxsa bu yaranmış zülmətli mühitə səbir edəm? O mühit ki, qocaları əldən salmış, cavanları qocaltmış və imanlı insanları ömürlərinin sonuna qədər əziyyətə vadar edir. Nəhayət gördüm ki, səbr etmək ağıla daha yaxındır, ona görə də səbr etdim. Ancaq o kəsə bənzədim ki, gözləri tikanla dolmuş, sümük boğazının yolunu tutmuşdur. Öz gözlərimlə gördüm ki, mirasımı necə qarət edirlər”. Bəli, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İmam Əlinin (ə) bütün bu zülmə göz yummasının tək səbəbi var idi və o da dinin sağlam qalması idi. İmamın (ə) buyurmuşdu: “Dinin sağlam qalmağı bizim üçün hər şeydən daha yaxşıdır”. İmam (ə) bu yolda bütün imtahanlardan keçməyə hazır idi.(erfan/deyerler)

Xanım Fatimeyi-Zəhra (s.ə) 13.01.2025

Quranda xanım Fatimənin (ə) fəzilət və ləqəbləri barədə

Xanım Fatimə (ə) barədə çoxlu sayda ayələr nazil olmuşdur və onlar müştərək şəkildə həm xanım Fatimə (ə), həm də Ali-Əba (ə) barəsindədir. O cümlədən, aşağıdakı ayələrə işarə edə bilərik:   1) Kövsər surəsi: انا اعطيناك الكوثر* فصل لربّك وانحر* انّ شانئك هو الابتر Şiə və sünni təfsirçiləri bu surənin xanım Zəhra (ə) barəsində nazil olmasını söyləmişlər. Əhli-sünnə təfsirçiləri: 1. Beyzavi, öz təfsirində “kövsər” sözünün təfsiri ilə bağlı. (1) 2. Şeyxzadə, Beyzavi təfsirinə yazdığı haşiyədə. 3. Şəhabuddin Beyzavinin təfsirinə yazdığı və “Ğayətul-qazi” adlandırdığı haşiyənin 3-cü səhifəsində. 4. Əbubəkr Həzrəmi “əl-Qovlul-fəsl” adlı kitabının 457-ci səhifəsində. Həmçinin, əhli-sünnə təfsirçilərinin əksəriyyəti “kövsər” surəsinin xanım Zəhranın (ə) şənində nazil olmasını etiraf etmişlər. 5. Fəxri Razi öz təfsirində yazır: “Kövsər” Peyğəmbərin (s) övladlarıdır. Ona görə ki, bu surə həzrəti övladı olmadığı üçün məzəmmət etdikləri zaman nazil olmuşdur. Onun mənası budur ki, Allah-taala həzrətə həmişə davam edəcək bir nəsil verəcəkdir. Görün Əhli-beytdən (ə) nə qədər kəslər öldürülmüşdür, lakin bununla belə aləm onların varlığı ilə doludur. Amma Bəni-Üməyyədən nəzərə çarpacaq kimsə qalmamışdır. (2) 2) Təthir ayəsi:  اِنَّما يُريدُ اللَّه لِيُذْهِبَ عَنْكُم الرِّجسَ اَهلَ البَيت وَيُطَهِّرَكُمْ تَطْهِيراً Ümmü Sələmə deyir: “Bu ayə nazil olduğu zaman, Peyğəmbər (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) yanına çağırıb buyurdu: “Bunlar mənim Əhli-beytimdir.”” (3) Təbəri Əbi Həmradan olan sənədi ilə belə nəql edir: “Mən Peyğəmbər (s) zamanında altı ay Mədinədə olmuş və həzrətin bu müddətdə dan yeri ağarandan Əli (ə) və Fatimənin (ə) evinə gələrək “namaz vaxtıdır, namaz! إِنَّما يُريدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهيراً  (4) – deyə buyurduğunu eşitmiş və görmüşəm. 3) Məvəddət ayəsi: قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً اِلَّا الْمَوَدَّةَ فِى الْقُربى‏ “(Ey mənim rəsulum!) de: “Mən sizdən peyğəmbərliyimin əvəzində qohumlarıma (Əhli-beytimə) sevgidən başqa bir muzd istəmirəm.”” (5) Süyuti İbn Abbasdan belə rəvayət edir: “Bu ayə Peyğəmbərə (s) nazil olduqda, səhabələr dedilər: “Ey Allahın Rəsulu (s)! Məhəbbət göstərməyi bizə vacib edilən yaxınlarınız kimlərdir?” Peyğəmbər (s) buyurdu: “Əli, Fatimə və onun iki övladı!”” (6) İmam Sadiq (ə) Əbu Cəfər Əhvələ buyurdu: “Bəsrə əhalisi bu ayə قُلْ لا أَسأَلُكُمْ عَلَيهِ أَجراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُربى barədə nə deyir? ” Dedi: “Sizə fəda olum! Onlar deyirlər ki, “Bu ayə Allah Rəsulunun (s) qohumları barəsindədir.” Həzrət buyurdu: “Yalan deyirlər! Yalnız biz Əhli-beyt  – Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyn (ə) – “Kisa əhli” haqqında nazil olmuşdur!”” (7) 4) في بُيُوتٍ أَذِنَ اللَّهُ أَنْ تُرْفَعَ وَ يُذْكَرَ فيهَا اسْمُهُ – ayəsi. “(Bu işıqlı çıraq) Allahın tikilib ucaldılmasına izn verdiyi və içində Allahın adının zikr edildiyi evlərdədir.” (8) Ənəs ibn Malik və Bureydə nəql edir: “Allahın Rəsulu (s) « في‏ بُيُوتٍ أَذِنَ اللَّهُ … ayəsini oxuduğu zaman, bir şəxs ayağa qalxıb soruşdu: “Ey Allahın Rəsulu (s)! Bunlar hansı evlərdir?” Buyurdu: “Peyğəmbərlərin evləridir.” Əbubəkr qabağa gəlib dedi: “Ey Allahın Rəsulu (s)! Əli (ə) və Fatimənin (ə) evi də bu evlərdəndirmi?” Həzrət buyurdu: Bəli! Hətta onların ən yaxşısıdır!” (9) 5) « قل تعالوا ندع ابناءنا و ابناءكم و نسائنا و نسائكم و انفسنا و انفسكم …»؛ Əbu Səiddən belə rəvayət edilmişdir: Bu ayə nazil olduğu zaman, Allahın Rəsulu (s) Əlini (ə), Fatiməni (ə), Həsən (ə) və Hüseyni (ə) öz yanına çağırdı və dedi: “İlahi! Bunlar mənim əhli-beytimdir!” (10) 6) فتلقى آدم من ربه كلمات فتاب عليه انه هو التواب الرحيم (11) İbn Abbasdan belə rəvayət olunur: Peyğəmbərdən (s) Adəmin (ə) Rəbbindən bəzi kəlmələr öyrənməsi və Allahın onun tövbəsini qəbul etməsi barədə soruşdum. Buyurdu: “Allahdan Məhəmməd (s), Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynin (ə) haqqına xatir tövbəsini qəbul etməsini istədi və Allah da qəbul etdi.” (12) 7) وَيُطْعِمُونَ الطَّعامَ عَلَى‏ حُبِّهِ مِسْكِيناً وَيَتِيماً وَأَسِيراً* إِنَّما نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَآءً وَلَا شُكُوراً “Onlar özləri istədikləri (ehtiyac duyduqları) yeməyi kasıba, yetimə və əsirə verərlər (və deyərlər): “Biz sizi yalnız Allaha xatir yedirdirik və sizdən nə əvəz, nə də bir minnətdarlıq gözləyirik!” (13) Bu ayənin nazilolma şəni barədə İbn Abbas deyir: İmam Həsən (ə) və İmam Hüseyn (ə) xəstələnmişdi və Allahın Rəsulu (s) bir neçə adamla onlara baş çəkməyə gəldi. Onlar dedilər: Ey Əbəl-Həsən (ə)! İki övladın üçün nəzir et! Həzrət Əli (ə), Fatimə (ə) və onların kənizi Fizzə nəzir etdilər ki, əgər onların iki övladı sağalsa, üç gün oruc tutacaqlar. Onların hər ikisi sağaldı, lakin evlərində heç nə yox idi. Həzrət Əli (ə) üç peymanə (ölçü vahidi) arpa borc aldı və Fatimə (ə) onun bir peymanəsini un elədi və saylarına uyğun olaraq çörək bişirdi. Onlar çörəklərini qabaqlarına qoyub iftar eləmək istədikləri zaman, bir möhtac (fəqir) şəxs onların yanına gəlib dedi: Salam olsun sizə, ey Məhəmmədin (s) Əhli-beyti! Mən müsəlman miskinlərdən biriyəm! Mənə yemək verin! Allah da sizə cənnət yeməkləri versin! Onların hamısı öz yeməklərini ona verdilər və dillərinə sudan başqa, bir şey dəymədən gecəni səhərə çatdırdılar və sübh də yenə oruc tutdular. Əsr vaxtı çörəyi öz qabaqlarına qoydular ki, iftar eləsinlər, bu zaman onların yanına  bir yetim gəldi və hamılıqla çörəklərini ona verdilər. Üçüncü gün də bir əsir gəldi və onlar bu işi təkrar etdilər. Sübh olduqda, həzrət Əli (ə) İmam Həsənlə (ə) İmam Hüseynin (ə) əlindən tutaraq Allah Rəsulunun (s) yanına gətirdi. Həzrət onlara nəzər saldıqda – onlar aclığın şiddətindən titrəyirdilər – buyurdu: Sizin bu halınızı müşahidə etmək məni həddən artıq narahat edir. Həzrət ayağa qalxdı və onlarla yola düşdü. Fatimənin (ə) öz mehrabında olduğunu gördü. Onun beli qarnına yapışmış, gözlərinin altı qaralmışdı. Həzrət (s) bu halı görüb narahat oldu. Cəbrail (ə) həzrət Rəsulun yanına nazil olub buyurdu: “Bunu götür, ey Məhəmməd (s)! Allah-taala sənə əhli-beytinlə bağlı təbrik edir. Sonra “Həl-Əta” surəsini Peyğəmbərə (s) oxudu.”(14) Ayə üçün bu naziolma səbəb və şənini əhli-sünnə alimlərinin çoxu nəql etmişlər. (15) İstifadə olnumuş ədəbiyyat: 1. “Ənvarut-tənzil və əsrarut-təvil”, səh. 1156. 2. “Kəbir” təfsiri, c. 30, “Kövsər” surəsinin təfsiri. 3. Hakim, “Mustədrək”, c. 3, səh. 158, hədis 4705; “əs-Sunənul-kubra”, c.7, səh. 63 4. Təbəri, “Tarix”, c. 11, səh. 589; İbn Əkasir, “Tarixu Diməşq”, c. 42, səh. 137. 5. “Şura” surəsi, ayə 23. 6. “Durrul-mənsur”, c. 6, səh. 7; Hakim, “Mustədrək”, c. 3, səh. 172; “Məcməuz-zəvaid”, c. 9, səh. 168; “Kəşşaf”, c. 4, səh. 219 7. “Kafi”, c. 8, səh. 79, hədis 66; “Qurbul-əsnad”, səh. 128. 8. “Nur” surəsi, ayə 36. 9. “Durrul-mənsur”, c. 6, səh. 203; “Ruhul-məani”, c. 18, səh. 174. 10. “Həmd” surəsi, ayə 6. 11. “Bəqərə” surəsi, ayə 37. 12. “Zəxairul-uqba”, səh. 24-25. (Xanım Fatimənin (ə) nəqlinə əsasən, Peyğəmbərin (s) qəlbinin şad olması.) 13. “İnsan” surəsi, ayə 8-9. 14. “əl-Qədir”, c. 3, səh. 161 sibtayn.com

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Zəhranın (s.ə) pak fitrətinin Quranla müqayisəsi

Ayətullah Cavadi Amulinin nəzərində Siddiqeyi-Kubranın (s.ə) məqamı. Alim buyurur: “Siddiqeyi-Kubra Həzrət Faimənin (s.ə) elə bir sünnəsi vardır ki, şəxsiyyətindən xəbər verir. Onun pak zatı başqa pak zatlar kimi Qurana taydır. Quranın işarələri və ibarələri vardır. Necə ki, İmam Hüseyn (ə) və İmam Sadiq (ə) buyurur, Quranın dörd hissəsi vardır və dörd dərəcəyə bölünür. Birinci dərəcəsi Quran adı ilə bütün insanlar üçündür. Ondan üstünü Quranın işarələridir. Ondan üstünü Quranın lətifələridir. Quranın qalası – Quran həqiqətləridir ki, peyğəmbərlərə (ə) məxsusdur. Siddiqeyi-Kubra (s.ə) da müqəddəs zatdan olduğu üçün bəzi sünnələri vardır ki, ümumi insanlar ondan bəhrələnirlər. Bəzi sünnələri onun işarələrinə aiddir ki, xüsusi insanlar ondan istifadə edirlər. Bəzi sünnəsi lətifələrdəndir ki, xüsusilər ondan bəhrələnirlər. Bəziləri isə Fatimənin (s.ə) həqiqətlərinə aiddir ki, peyğəmbərlər istifadə edirlər. Ona görə də Xanım Qurana bərabər və tay olan şəxsiyyətlərdəndir”. (Erfan)/deyerler

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Ananın matəmində

“Dəlayilil-imamiyyə” kitabında Zəkəriyya nəql edir: “Mən Həzrət Rzanın (ə) xidmətində idim və Həzrət Cavadı (ə) onun yanına gətirdilər. Onun ən azı 4 yaşı var idi. Daxil olan zaman əlini yerə qoydu və başını göyə qaldırdı və bir müddət fikrə getdi. İmam Rza (ə) oğluna buyurdu: Qurbanın olum, nə fikirləşirsən? Dedi: Anam Fatimənin (s.ə) başına gələn müsibəti. … Və sonra Həzrət Zəhranı (s.ə) incidənlərə qarşı hiddətini bildirdi. İmam (ə) oğlunu yanına çağırdı və onun iki gözünün ortasından öpüb, buyurdu: “Atan və anan sənə qurban, sən İmamlığa layiqsən”. Nəql edilir ki, nə zaman İmam Baqirin (ə) hərarəti olsaydı, bədəninə soyuq su tökər və yüksək səslə deyərdi: “Fatimə binti Muhəmməd!”. (Həvzəh) Əllamə Məclisi bu sözün şərhində buyurmuşdur: “Ola bilsin ki, İmamın (ə) bu nidası ona görə idi ki, Həzrət, Xanım Fatimənin (s.ə) müqəddəs adından hərarətini aradan aparmaq üçün şəfa istəyirmiş”. Məhrum Muhəddis Qumi isə bu haqda deyir: “Mənim ehtimalım belədir ki, nə zaman hərarət onun lətif cisminə təsir qoyurdu, məzlum anasının müsibətinin qəmi də ona təsir qoyurdu. Necə ki, hərarəti soyuq suyu bədəninə tökərək aradan aparmaq istəyirdi, anasını yada salaraq, bu qəmi də azalırdı. Çünki Fatimə (s.ə) ananın qəmi övladların ürəyində qılınc yarasından daha ağrılı idi və atəşin yandırmasından daha şiddətli idi. Ona görə də bu qəmi təqiyyə ilə gizlədirdilər. Onu aşkar etməyə halları yox idi. Nə zaman Xanımın (s.ə) adını onların yanında çəksəydilər, qəlbləri qəmlə dolurdu. Hər bir ayıq insan bunun təsirini onların üzündə aşkar şəkildə görə bilirdi”. İmam Sadiqin (ə) səhabələrindən birinin qızı dünyaya gəlir və Həzrət (ə) soruşur ki, onun adını nə qoymusan? Həmin şəxs deyir: “Fatimə”. Bu zaman İmam (ə) əlini alnına qoyub, qəmgin halda əyləşir…/deyerler/

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Muhəmmədin (s) Kövsəri

Qurani-kərimdə gizli qalmış həqiqətlərdən biri də Kövsər kəlməsinin həqiqi mahiyyətidir. Hər şeydən əvvəl onu deyək ki, tarix boyu bir çox adamlar sonuncu peyğəmbər həzrət Muhəmməd (səllAllahu əleyhi və alih) və onun Əhli-beytini (ə) sevən insanların qarşısında dayanıb onlara irad tutataq “Əlinin (ə) ya Fatimənin (ə) adına niyə bir surə yoxdur?” deyə sormuşlar. Hətta bəzi möminlər aşkar surətdə “kaş Əhli-beytdən (ə) bir nəfərin adına surə olaydı” deyə gileylənmişlər. Əmirəlmöminin Əli əleyhissalama nisbət verilən bir kəlamda deyilir: “Elm bir nöqtə idi, cahillər onu çoxaltdılar.” Yəni həqiqət, əslində bir şeydir, ancaq cahillər, nadanlar və qərəzli insanlar o həqiqəti itirmək və camaatı çaşbaş salmaq üçün onlarla, bəzən isə yüzlərlə həqiqətə bənzəyən mövzunu həqiqət adına camaata sırımışlar. Beləliklə də camaat şək-şübhə içində qalmışlar. Əmirəlmöminin Əli əleyhissalam buyurur: “Şübhə sözü bənzəyən mənasınadır, şübhəyə ona görə şübhə deyirlər ki, həqiqətə bənzəyir, ancaq həqiqət də ola bilər yalan da ola bilər.” Gəlirik əsl mətləbə. Qurani-kərimin 108-ci surəsi Kövsər adlanır. Üç ayədən ibarətdir. Ərəb dilində “fəvəl” qrammatik vəznində olan kövsər sözü “xeyir bərəkəti çox olan” mənasınadır. Qurani-kərimdə hər hansı bir mövzunun həqiqi mənasının üzə çıxması və bəlli olması üçün əsas iki yol vardır. O iki yolun biri “şəni-nüzul”, yəni həmin ayənin (mövzunun) gəlməsi səbəbidir. O biri yol isə, həmin ayədən sonrakı ayələrdə həmin ayənin necə açıqlanmasıdır. İndi “kövsər” sözü ilə əlaqədar bu iki yolu nəzərdən keçirək. 1- Ayənin və surənin “şəni-nüzulu” . Görəsən bu üç ayənin həzrət Muhəmmədə (s) nazil olmasının səbəbi nə idi? Necə oldu ki, Allah Taala həzrət Cəbrail vasitəsilə bu surəni Peyğəmbərə (s) göndərdi? a) “İbn Abbas deyir: Kövsər surəsi As ibn Vailin sözünün cavabında gəlmişdir, belə ki, As ibn Vail bir gün Məscidul-həramın Bəni-səhm qapısından daxil olarkən həzrət Muhəmməd (s) oradan çıxırdı, onlar üzbəüz gəldilər, bir az söhbət etdikdən sonra As ibn Vail həzrət Peyğəmbərdən (s) aralanaraq bir az kənarda dayanmış Məkkənin böyüklərinə yaxınlaşdı. Onlar soruşdular: -Kiminlə danışırdın? As ibn Vail əli ilə Peyğəmbəri (s) göstərərək dedi: -Bu Əbtər ilə. Həmin gün Peyğəmbərin (s) oğlu vəfat etmişdi, ərəblər oğlu olmayana əbtər, yəni “sonsuz və nəsli kəsiləcək adam” deyirlər.” b) Əhməd ibn Musa sənəd ilə Yəzid ibn Rumandan nəql edir ki, As ibn Vailin yanında həzrət Muhəmmədin (s) adı çəkiləndə dedi: Buraxın onun başını, o əbtərdir, çünki oğul övladı yoxdur. O ölən kimi adı unudulacaq və onun əlindən xilas olacağıq. Bu surə onun cavabı olaraq nazil oldu. c) Əta birbaşa İbn Abbasdan nəql edir ki, As ibn Vail həzrət Muhəmmədi (s) şəmatət edirdi və deyirdi: -Sən əbtərsən (nəslin olmayacaq). Allah bu surəni onun cavabı olaraq göndərdi ki, ey Peyğəmbər (s) biz sənə Kövsər bəxş etdik (kövsərin vasitəsilə sənin nəslin artacaq) ancaq səni şəmatət edən düşmənin özü əbtərdir (onun özünün nəsli kəsiləcəkdir). Əsbabun nüzul 1-ci cild 495-ci səhifə . Surə və ayənin həqiqi mənasının aşkar olması üçün birinci yol, yəni surənin Allah tərəfindən gəlməsinin səbəbi kimdir? Sevimli Peyğəmbərimizin (s) nəsli kövsər ilə çoxalır. Bəs, kövsər kimdir ya nədir? Həzrət Peyğəmbərin (s) nəsli bulaq, su yaxud başqa şeylərlə çoxalır, yoxsa dünya və axirət xanımlarının sərvəri həzrət Fatimənin (ə) vasitəsilə?! . 2- Ayənin ardınca gələrək onun mənası və həqiqətini aşkara çıxaran ayələr . Burada əvvəlcə surənin ayələrini izləyək. Dedik ki, Kövsər surəsi üç ayədir. Birinci ayə həzrət Muhəmmədi (s) sevindirir ki, “Biz sənə Kövsəri bəxş etdik”. Bu ayənin yarısını başa düşdük, yarısı isə (hələlik) müəmmalı qaldı. Başa düşdük ki, Kövsər, Allah Taalanın həzrət Peyğəmbərə hədiyyəsidir. Ancaq ayənin başa düşmədiyimiz tərəfi Kövsərin mənasıdır. İkinci ayə həzrət Muhəmmədə tapşırır ki, Allah Taalanın sənə Kövsəri bəxş etməsinə görə Rəbbinə namaz (şükür namazı) qıl və dəvə qurban kəs, yaxud ucadan təkbir, yəni “Allahu Əkbər” de. Bu ayəni tamamilə başa düşdük. Allah Taalanın bəxş etdiyi nemətə görə təşəkkür etməyin ən yaxşı formaları şükür namazı qılmaq və qurban kəsməkdir, eləcə də Allahın adını ucaltmaqdır. Üçüncü ayə, həzrət Muhəmmədin (s) düşmənini darmadağın edir. “Sənin düşmənin özü əbtərdir”. Sənin nəslin kövsərin vasitəsilə çoxalacaq, ancaq sənin düşmənin olan As ibn Vailin nəsli isə kəsiləcəkdir. Üçüncü aydə əbtər (sonsuz, nəsili kəsilən) sözü birinci ayədə işlədilən kövsər (həddən ziyadə çox) sözünün əks tərəfidir. Deməli, kövsər sözü nəsilin artmasına səbəb olana işarədir. Görəsən, həzrət Muhəmmədin (s) nəslinin çoxalmasına səbəb olan kövsər nədir, yaxud kimdir? – Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd həzrət Muhəmmədin (s) əxlaqıdır. Əgər kövsər sözündən məqsəd gözəl əxlaq olsa idi, bundan əvvəl Allah Taala o həzrət barəsində buyurmuşdu: “Sən çox böyük əxlaqa maliksən” (Qələm surəsi 4-cü ayə). Elə isə həzrət Peyğəmbərdə (s) olan şeyin o həzrət verilməsi mənasızdır. – Bəziləri deyiblər ki, kövsər sözündən məqsəd ibadətdir. Həzrət Muhəmməd (s) o qədər ibadət edirdi ki, Allah tərəfindən belə bir ayə nazil oldu: “Biz bu Quranı sənə ona görə göndərmədik ki, (çoxsu ibadətlərinlə) özünü həddən artıq əziyyətə salasan”. (Taha surəsi 2-ci ayə) – Əgər kövsər sözündən məqsəd ümmətin çoxluğu olsaydı, Allah Taalanın vədinə əsasən haqq olan İslam dinini bütün dünyada qalib edəcəkdir. (Səff surəsi 9-cu ayə) – Əgər kövsər sözündən məqsəd şəfaət olsaydı, Allah Taala bu işi Peyğəmbərə (s) mərhəmət etmişdir, belə ki, həzrət Muhəmməd (s) ümmətindən kimlərin şəfaətini Allahdan istəyərsə o həzrətin şəfaəti Allah tərəfindən qəbul olunacaqdır. (Zuha surəsi 5-ci ayə) Deməli, Kövsər surəsinin nazil olma səbələrinə və eləcə də ayələrin məzmununa diqqətlə nəzər salıdqda görürük ki, kövsər sözünün həqiqi mənası həzrət Muhəmmədin (s) sevimli qızı, canının parası, gözünün işiğı, dünya və axirət qadınlarının sərvəri, insani-huri, Peyğəmbərin (s) nəslinin çoxalmasının səbəbkarı həzrət Fatimə əleyhasalamdır. Bəli, onu da deyək ki, kövsər sözünün lüğət mənası ilə uzlaşan çoxlu mövzulara rast gəlmək olar. Kövsər sözünün “xeyir-bərəkəti çox olan” mənasına rəğmən Qurani-kərim; İmamların (ə) hər biri; Peyğəmbərin (s) elmi, əxlaqı, şəfaəti, hikməti; Risalət; Cənnət; Cənnətdə bulaq; Cənnətdə çay; Möminlər; Allahın varlığını sübut edən möcüzələr; Yaxşı qadınlar və sair. Bu siyahını istənilən qədər uzatmaq mümkündür. Lakin ayədə işlədilən kövsər sözünün yeğanə mənası həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədin (s) nəslinin çoxalmasıdır. Bütün cənnət həzrət Muhəmmədə (s) məxsus olduğu halda, bir bulağın o həzrətə hədiyyə edilməsi nə dərəcədə real ola bilər?! Cənnətdə olan saysız İlahi nemətlərin hamısınin xeyir-bərəkəti çox və qurtulmayandır. Elə isə məgər Allah Taalanın -eni göylər və yer qədər olan cənnətindən həzrət Muhəmmədə (s) bəxş etdiyi yalnız bir bulaqdır?! Bütün cənnət və həmin bulaq da onun içində həzrət Muhəmmədin (s) ixtiyarına verilmişdir. Qiyamət günü bütün ümmətlərin şahidi olan həzrət Muhəmməd (s), cənnətin də sərvəridir. Çünki həzrət Muhəmməd (s) varlıq aləminin ən üstün insanıdır, ondan üstün olan insan olmamış, yoxdur, olmayacaq da. Bəzi alimlər buyurublar ki, nə eyibi var ki, belə deyək: -Allah Taala həzrət Muhəmmədə (s) bu dünyada Fatimə (ə) adlı kövsər, axirətdə isə sirin və dadlı suyu olan kövsər adlı bulaq hədiyyə etmişdir. Nəticə: – Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmmədin (s) nəslinin çoxalması və bu günə qədər gəlib çıxması yalnız o xanımın bərəkətli vücudu sayəsində həqiqətə çevrilmişdir. Allah Taala həzrət Fatimənin (s) vasitəsilə həzrət Muhəmmədə (s) misilsiz və ən dəyərli nəsil bəxş etmişdir. Ancaq həzrət Muhəmmədi (s) əbtər, “nəsili olmayan” adlandıranlar, istər o həzrət ilə istərsə də məsum İmamların (ə) hər biri ilə düşmənçilik edən nəsillərin hamısının kökü kəsilmiş və özləri əbtər olmuşlar. Odur ki, Allah buyurur: “Sənin düşmənin özü əbtərdir”. – Həzrət Fatimə (ə) kövsərdir, çünki bütün bəşəriyyət haqq olan İslam dininin göstəriş, qanun, maarif və hökmlərini o xanımdan və onun övladlarından öyrənirlər. – Həzrət Fatimə (ə) kövsərdir, çünki hədislərə əsasən “əgər yer üzü İmamsız olarsa, yer öz əhlini caynağına alar (hamı yerə batar, həyat sona yetər)” (əl-Kafi 1-ci cild 179-cu səhifə). Buna görə də bəşər övladı qalması, xoşbəxtliyi və saysız-hesabsın nemətlərdən faydalanmaqda xanım Fatimənin (ə) övladlarına borcludur. – Həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımdan elə bir “kitab (Müshəfi-Fatimə kitabı) yadiğar qalmışdır ki, vilayətin mirasıdır, İmamlar (ə) müxtəlif məsələlərdə o kitaba müraciət edirlər; keçmişin, indiki zamanın və gələcəyin elmi o kitabda mövcuddur.” Biharul ənvar 43-cü cild 88-ci səhifə – Həzrət Fatimə (ə) kövsərdir, çünki həzrət Muhəmməd (s) buyurur: “Əgər varlıq aləminin bütün yaxşılıqlar, gözəlliklər və üstünlükləri bir insan surətində olsaydı, o şəxs həzrət Fatimə (ə) olardı. Fəraidus səmtin 2-ci cild 68-ci səhifə – Həzrət Fatimə (ə) kövsərdir, çünki çoxlu xeyir-bərəkətləri o xanımı sevənlərə qiyamət günü nəsib olacaqdır. Xanım Fatiməni (ə) sevmək, qiyamət günü nicat tapmaq üçün çox gözəl vasitədir. “Həzrət Muhəmməd (s) buyurdu: ey Salman! Qızım Fatiməni (ə) sevən şəxslər cənnətdə olacaq, onun düşmənləri isə cəhənnəmdə olacaqlar. Ey Salman! Fatiməni (ə) sevmək yüz yerdə fayda verəcəkdir, o cümlədən: Ölüm anında, qəbirdə, əməllər ölçüləndə, məhşərdə, siratda və hesab vermə zamanı.” Fəraidus səmtin 2-ci cild 67-ci səhifə Bu siyahını da çox uzatmaq olar, sözün qısası, həzrət Fatimə (ə) kövsərdir, çünki o xanımın ixlas, ibadət, bəndəlik, zöhd və sadə yaşamaq, səbir və dözüm, iffət və həya, layiqli həyat yoldaşı, gözəl övlad tərbiyəsi, imamət və vilayətin mətanətli müdafiəsinin saysız xeyir-bərəkətləri İslamın yaşamasının və davamının sütunlarıdır. Rza Əzizoğlu İrəvani

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Həzrət Fatimənin (s.ə) üzüyünə hansı zikr yazılmışdı

Həzrət Fatimeyi-Zəhranın həyatından bəhs edən müasir və qiymətli “Fatemeye Zəhra şademaniye dele Peyambər” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilibdir. İlk növbədə qeyd etmək lazımdır ki, dini baxışda üzüklərin vurulması sırf bəzək-düzək hədəfi daşımır. Burada məqsəd üzüklərin üzərində olan zikrlərin Allahı insana xatırlaması, üzüklərdə yerləşdirilən zikrlərin və hirzlərin insanı mənəvi və fiziki baxımdan qoruması və sair hədəflər nəzərdə tutula bilər. Hədislərə görə Fatimeyi Zəhranın üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub. Digər bir hədisə görə isə o həzrətin üzüyünün üzərində “Allahu vəliyyu isməti” (Allah mənim ismətimi qoruyandır) zikri yazılıb. Üçüncü bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki bu zikrin üzyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir. Sonuncu ehtimalı ortaya qoyan hədisə görə isə, həzrət Fatimənin üzüyünün üzərində eynilə Süleyman Peyğəmbərin üzüyündə həkk olunmuş bu zikr olub: “Subhanə mən əlcəməl-cinnə bi-kəlimatihi” (Pak və münəzzəhdir O Allah ki, kəlmələri ilə cinləri bağlayıb)./İslaminSesi.info/

Xanım Fatimeyi-Zəhra (s.ə) 12.01.2025

Hәzrәt Zәhrаnın (әh.) müsibәti

İbn Аbbаs dеyir: Hәzrәt Zәhrа (әh.) vәfаt еdәndә Әli (ә) mәsciddә idi vә Hәsәn vә Hüsеyn (ә) dа еvdә yох idilәr. Еvdә yаlnız Әsmа bint Ümеys vаr idi. Әsmа müsibәtin аğırlığındаn nаlә еdәrәk аğlаr hаldа еvdәn çıхdı. Qаpının qаrşısındа Hәsәn vә Hüsеynlә rаstlаşdı. Оnlаr dеdilәr: Аnаmızın vәziyyәti nеcәdir? Әsmа susduqdа, оnlаr hәyәcаnlа еvә dахil оldulаr vә Hәzrәt Zәhrаnı yаtmış hаldа gördülәr. Hüsеyn (ә) аnаsını tәrpәdәrәk оnun ölümündәn хәbәr tutduqdа, bеlә sәslәndi: Qаrdаşım, sәnә bаş sаğlığı vеrirәm! Sоnrа fәryаd еdәrәk dеdi: Yа Mühәmmәd (s)! Bu gün sәnin vәfаt müsibәtin bir dаhа tәkrаr оldu! Аnаmız vәfаt еtdi! Hәsәn vә Hüsеyn (ә) mәscidә tәrәf qаçаrаq hаdisәni Әliyə (ә) хәbәr vеrdilәr. Bu хәbәr İmаmı о qәdәr sаrsıtdı ki, tаqәtsiz hаldа yеrә yıхıldı. Оrаdа оlаnlаr Hәzrәti аyıltdılаr vә İmаm оğullаrı ilә birgә еvә qаyıtdı. Оnlаr Әsmаnı аğlаr hаldа Zәhrаnın cәnаzәsinin yаnındа gördülәr. Әli (ә) Zәhrаnın (әh.) üzündәn pаrçаnı götürdü. İmаm оnun vәsiyyәtnаmәsini bаlışın аltındаn götürüb охudu. Оrаdа bеlә yаzılmışdı: «Әmiоğlu, mәnim qüslümü gеcәyә sахlа vә gеcә dә kәfәnlәyib, nаmаz qılıb tоrpаğа tаpşır. Bu хәbәri hеç kimә bildirmә. Sәni Аllаhа tаpşırırаm vә övlаdlаrımа sаlаm yеtir…» Әli (ә) оnun vәsiyyәtinә әmәl еdәrәk vәsf оlunmаyаn bir qәm-qüssә ilә, аğlаr gözlәrlә оnа gеcә qüsl vеrib, kәfәnlәyib tоrpаğа bаsdırdı». («Bihаrul-әnvаr», c.43, sәh.214)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75