Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 11.01.2025

İslam dinində Qədir Xum bayramının həqiqəti

Allah dinin qoruyucuları, həmişə İlahi şüarların əbədiləşdirilməsi üçün çalışmışlar. Allah-təala Qurani kərimdə, “Həc” surəsinin 32-ci ayəsində buyurur: “…Hər kəs Allahın mərasiminə hörmət etsə, şübhəsiz ki, bu (hörmət), qəlblərin təqvasından hasil olur.” Cəmiyyətimizdə mədəni və mənəvi əlamətdar hadisələrin xatırladılmasına daim ehtiyac var. Allahın Rəsulu (s), bu sahədə hamıdan irəlidə addımlayaraq öz əməlləri ilə islami toplumun yolunu aydınlatdı. Qədir-xum gününün  bayram olmasına əsas dəlilimiz “hənnəuni” (yəni, “məni təbrik edin”) hədisidir. Bu hədis müxtəlif ifadə və sənədlərlə qeyd olunub. Hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəl musnəd kitabının 4-cü cild 281-ci səhifəsində, Təbəri öz təfsirinin 3-cü cild 428-ci səhifəsində bu hədisi Hafiz Əbu Səiddən belə nəql etmişjər: İslam Peyğəmbəri (s.ə.v.a) buyurdu: “Məni təbrik edin ,məni təbrik edin, çünki Allah-təala məni peyğəmbərliklə və Əhli beytimi (ə) də “imamətlə” seçib (imtiyaz qazandırıb.) Sünni alimlərindən nəql olunan digər rəvayətə əsasən bu hədisin davamı belə qeyd olunub: “Sonra peyğəmbər (s.ə.v.a) özünü xüsusi çadırında oturub İmam Əli (ə)-a əmr etdi ki, başqa bir çadırda otursun. Camaata əmr ətdi ki, Əli (ə)-ın yanına çatanda təbrik etsinlər. Camaat dağıldıqdan sonra peyğəmbər (s.ə.v.a) öz xanımlarına əmr etdi ki , Əli (ə)-ni təbrik etməyə getsinlər. Onlar da itaət etdilər. Qədir-xum gününün islamın əziz Peyğəmbərinin (s.ə.v.a) sünnətində bayram olmasının digər sübutu, qədir-xum günündə, İmam Əli (ə)-ın öz xütbəsidir. İmam Rza (ə) öz atasından nəql edir: “İmam Əli (ə)-ın xilafətdə olduğu günlərdən birində, Qədir-xum günü cümə gününə təsadüf edirdi. İmam Əli (ə) sözünü. Allahı vəsf etməklə başladı … “Allah-təala (əzzə və cəl) bu günü sizin üçün iki bayram qərar verib. O iki bayramdan biri olmasa, digəri yerində qalmaz.” Sonra həzrət, “Qədir-xum” hadisəsinə işarə edərək, o günün xüsusiyyətləri saydı: “Bu gün çox böyük bir gündür. Bu gün (müşküllər üçün) açılış oldu, layiqləti olanrın məqamı ucaldı və Allahın dəlili aşkar oldu. Bəli bu gün “məsum rəhbər” pak məqamı tərəfindən haqqın açıqlanması, açıq tərzdə və  ”Nəs” (Allahın əmrinin yerinə yetirildiyi) sözün  deyildiyi gündür. dinin kamil olduğu gündür. Bu gün əhd-peyman günüdür. Bu gün şahidlərə şahidlik günüdür.” Bu gün, nifaq və inkarı üzə çıxarmaq günüdür.” Həzrət, xütbənin sonunda buyurub: “Bir-birinizi gördükdə (əl verib) görüşün və Allahın sizə verdiyi bu nemtə görə bir-birinizi təbrik edin. Gərək bu sözləri eşidənlər eşidməyənlərə çatdırsınlar. Gərək imkanlılar ehtiyaclıların sorağına getsinlər.Qüdrətlilər, zəifləri axtarsınlar. Peyğəmbər (s.ə.v.a) bizi buna (bunu yernə yetirməyə) əmr edib.” (3) MƏSUMLAR VƏ İSLAMIN ƏN BÖYÜK BAYRAMI İmam Sadiq (ə) öz atasından nəql edir ki ,peyğımbər (s.ə.v.a) buyurub: “Qədir-xum bayramı ümmətimin ən böyük bayramıdır. O gündə Allah-təala məni Əli (ə)-ın canişinliyini elan etməyimi əmr etmişdir ki, ümmətim onun vasitəsi ilə hidayət olsunlar.(4) Başqa rəvayətə əsasən İmam Sadiq (ə)-dan soruşandaki: “müsəlmanların qurban və fitr bayramından başqa digər bayramı var” imam cavabında: “bəli, o bütün bayramlardan  uca və   əzəmətlidir, o gün, “möminlərin əmir”inin peyğəmbərin canişini təyin olunduğu gündür.(5) İlahi övliyalar və məsumlar (ə) bu gündə xüsusi olaraq bayram tədarükü görürdülər.Buna misal olaraq bir neçə rəvayəti diqqətinizə çatdırırıq. 1-Əllamə Məclisi öz kitabında belə yazır: Əli (ə)-ın xəlifəliyi dövründə  Qədir-xum günü  cümə gününə təsadüf edirdi. İmam Əli (ə) cümə xütbəsinidən sonra oğlanları və şiələri ilə birlikdə İmam Həsən (ə)-ın “Qədir-xum” bayramı münasibəti ilə onlar üçün hazırladığı qonağlığa getdilər.(6) 2-Fəyaz ibn Məhəmməd ibn Tusi deyir: Günlərin birində İmam Rza (ə)-ın yanına getmişdim. Gördüm ki, İmam Rza (ə), qonaqlıq vermək üçün dostlarını evində saxladı və onların evinə də yemək,  paltar, üzük və  ayaqqabı hədiyyə göndərdi. İmam (ə), başqa günlərdən fərqli olaraq yalnız bu gündə dostlarına və xidmətçilərinə bu köməkliyi göstərirdi.(7) QƏDİR-XUM GÜNÜNÜN BAYRAM OLMA SƏBƏBİ a)    İmamlar (ə)  ilahi qanunların təbliğatçılarıdır. Həm sünni həmdə şiə alimləri “təbliğ” (maidə-67) ayəsinin İmam Əli (ə)-ın haqqında nazil olduğunu bildirmişlər ki , peyğəmbərin (s.ə.v.a) canişinliyi haqqındadır. Bu ayə elə bir vaxtda nazil olmuşdur ki, bir tərəfdən münafiqlərin digər tərəfdəndə imanı zəif olanların fitnə salacağı təhlükəsi vardı. Bu ayənin nazil olması bütün nigarançılıqları aradan qaldırdı və ayənin çox mühüm olmasını göstərdi. Təbliğ ayəsi: “Ey peyğəmbər Allah tərəfindən sənə nazil olanı təbliğ et ,əgər təbliğ etməsən risaləti tamam etmiş olmarsan və Allah səni camaatdan  (tənəsindən) qoruyacaq. (Əl-maidə surəsi,  ayə 67) Əllamə Əmini sünni alimlərindən 30-a yaxın mənbəyə istinad edərək sübut edir ki, bu mənbənin hamısı Əli (ə)-ın vilayəti haqqındadır. Sünni alimlərindən Cəlaləddin Siyuti və Fəxrəddin Razi öz təfsirlərində buna işarə etmişlər.(8) Bu ayədə diqqət çəkən  “risaləti təbliğ etmiş olmarsan” cümləsidir. Bu ayə  haqqında bunu demək olar ki  “imamət”-i camaata çatdırmamaq dinimizdə risaləti tamamlamamaq  deməkdir. b)    Dinin kamilliyi  “imamlıqdır” Kafirlər peyğəmbər (s.ə.v.a)-ə sonsuz (əbtər) deyirdilər. Onlara elə düşünürdülər ki, peyğəmbər (s.ə.v.a) rəhmətə getdikdən sonra  oğlu olmadığına görə  İslam dini başçısız qalıb aradan gedəcək  və kafirlər yenidən öz dinlərinə qayıda biləcəklər. İmam Əli (ə)-ın xəlifəliyə seçildiyini gördükdən sonra kafirlər ümidsiz oldular. Kafirlər yaxşı bilirdilər ki, Əli (ə) peyğəmbərin yolunu kamil şəkildə davam etdirə biləcək yeganə şəxsdir. Əli (ə) xəlifəliyə seçildikdən sonra bu ayə nazil olur: “bu gün sizin üçün dinivizi kamil etdim” (  ( maidə surəsi 3-cü ayə) .İmamların (s.ə.v.a)  əsas vəzifəsi ilahi qanunların camaata  düzgün çatdırılması üçün seçilmişlər. Peyğəmbər (s.ə.v.a)-dan həm süni həmdə şiə alimləri hədis nəql edirlər: “mən elm şəhəriyəm Əli (ə) o şəhərin qapısıdır, şəhərə daxil olmaq istəyən gərək ki Əli (ə)-ın yolu ilə getsin.(9) Sünni alimlərihdən  Buxari, Müslim, Malik, Nəsayi və Tirmizi deyirlər: “kitab əhli olan Tariq ibn Şəhab xəlifə Ömərə deyir :əgər “ikmal” (dinivizi kamil etdim) ayəsi bizim dinimizdə nazil olsaydı  bu günü qiyamətə qədər həmişə bayram keçirərdik.(10)  Ömər sakit durmaqla öz razılığını bildirdi. c)    İmamlıq, İslam düşmənlərinin ümidsizlik amilidir d)    Maidə surəsinin 3-cü ayəsi də Əli (ə) barəsində qədir xum çölündə nazil olmuşdur. “Bu gün kafirlər dinivizdən əllərini üzdülər  bəs onlardan qorxmayın məndən qorxun”. Bu ayə subut edir ki, dinin kamil olması (Əli (ə)-ın xəlifəliyi) İslam düşmənlərini narahat edirdi. Əllamə Təbatəbai öz kitabında yazır: səhabə, tabein və onlardan sonra gələnlərdə yek dilliklə bu fikirdədirlər ki, hər iki ayə bir-birinə bağlıdır və biri digərini tamamlayır.(11) Ayələrdən bu nəticəyə gəlmək olar ki, gərək “qədir xum” gününü bayram kimi qeyd edək. c)İmamlıq vəzifəsi İslam dininin vəhdəti naminədir. Qurani kərimdə Allah-təala, İsa (ə) peyğəmbərin asimandan süfrə (maidə) istəyərək dua etməsinə işarə edərək, gələcək nəsillər üçün bayram olmasını zikr edir və buyurur:  Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. (Maidə surəsi, ayə: 114) 1) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.274 2) “Əl-qədir” kitabı Əllamə Əmini  c.1,s.271 3) “Biharul ənvar” Əllamə Məclisi c.94,s.118 4) Həmin mənbə s.110 5) Həmin mənbə s.111 6) Həmin mənbə c.94,s.118 7) Həmin mənbə c.94, s.112 və c.95, s.322 8) “Darul mənsur” kitabı Siyuti c.2, s.457; “Təfsire Fəxri Razi” c.12, s.49 9) “Əl-qədir” c.6, s.61-77 10) “Əl-qədir” c.1, s.283 11) “Əl-mizan” kitabı Əllamə Təbatəbai c.5, s.179 Çevirən: Emil Cəfər Bərməki

İmam Əli (ə) 11.01.2025

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər?

Əhli-sünnə alimləri “Əliyyun məəl-həqq” hədisini hansı ifadələrlə nəql etmişlər? Qısa cavab: Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər, o cümlədən Xətib Bəğdadi, Heysəmi, İbn Quteybə, Zəməxşəri, Təbərani, Hakim Nişapuri, Fəxr Razi, Hafiz Gənci və Xətib Xarəzmi. Ətraflı cavab: “Əliyyun məəl-həqq” (“Əli haqq ilədir”) hədisini əhli-sünnə alimlərindən bir çoxu öz kitablarında nəql etmişlər ki, onların bəzilərinin sözlərini qeyd edirik: 1 – Xətib Bəğdadi sənədlərlə Əbu Zakirin qulamı Əbu Sabitdən belə nəql edir: Mən Ümmü Sələmənin yanına gedəndə ağladığını gördüm. O, Əlini yad edərək deyirdi: Peyğəmbərin (s) onun barəsində belə buyurduğunu eşitdim:   عَلِىٌّ مَعَ الْحَقِّ وَالْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ “Əli haqq ilə, haqq da Əli ilədir. Bu ikisi qiyamət günündə hovuzun kənarında mənə qovuşana qədər bir-birindən ayrılmazlar.” (1)   2 – Heysəmi həmin məzmunlu hədisi sənədlərlə Səd ibn Əbu Vəqqasdan, o da Ümmi Sələmədən nəql etmişdir. (2) 3 – İbn Quteybə, Məhəmməd ibn Əbubəkrin belə dediyini nəql edir: Bacım Aişənin yanına gedib dedim: “Peyğəmbərin (s) “Əli haqq ilə, haqq da Əli ilədir”-deyə buyurduğunu eşitdiyin halda nə üçün onun əleyhinə qiyam edərək müharibə apardın?!” (3) 4 – Zəməxşəri nəql edir ki, Əbu Sabit icazə alaraq Ümmü Sələmənin yanına getdi. Ümmü Sələmə ona buyurdu: “Mərhəba sənə, ey Əbu Sabit! Qəlblər müxtəlif tərəflərə uçan zaman sənin qəlbin kimə doğru meyl etdi?” Əbu Sabit dedi: “Əlinin ardınca getdim.” Ümmü Sələmə buyurdu: “Müvəffəq oldun! And olsun o Allaha ki, canım onun qüdrəti əlindədir! Həqiqətən mən Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim:   عَلِىٌّ مَعَ الْحَقِّ وَالْقُرْآنِ وَالْقُرْآنُ مَعَ عَلِىٍّ وَلَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ “Əli haqq ilə və Quran ilə, Quran da Əli ilədir. Onlar hovuzda mənim yanıma gələnə qədər bir-birindən ayrılmazlar.” (4)   5 – Təbərani və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in Qədir-Xum günündə belə buyurduğunu nəql etmişlər:   اَللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ وَعَادِ مَنْ عَادَاهُ… وَاَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Pərvərdigara, onu sevənləri sev, ona düşmən olanlarla düşmən ol… Əli hər yerdə olsa, haqqı onunla birgə et!” (5)   6 – Hakim Nişapuri, Tirmizi və başqaları səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql etmişlər:   رَحِمَاللهُ عَلِیّاً، اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Allah Əliyə rəhm etsin! Pərvərdigara, Əli hər yerdə olsa, haqqı onunla birgə dolandır!” (6)   7 – Fəxr Razi öz təfsirində yazır: “Əli ibn Əbutalibin həmişə “Bismillahir-Rəhmanir-Rəhim”i uca səslə oxuması çoxsaylı nəqllərlə sübut olunmuşdur. Hər kəs dinində Əli ibn Əbutalibə iqtida etsə (tabe olsa), mütləq hidayət olunmuşdur. Bu məsələnin dəlili də Peyğəmbər (s)-in buyurduğu bu sözdür:   اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَهُ حَیْثُ دَارَ “Pərvərdigara, Əli harada olsa, haqqı onunla (Əli ilə) birlikdə dolandır.” (7)   8 – Hafiz Gənci və Xətib Xarəzmi, Zeydin “Müsnəd”indən nəql ediblər ki, Peyğəmbər (s) İmam Əlinin barəsində buyurdu: “Həqiqətən haqq səninlədir, haqq sənin dilində, qəlbində və iki gözlərinin arasındadır. İman mənim ətimlə-qanımla qaynayıb qarışdığı kimi, sənin ətinlə-qanınla da qaynayıb-qarışmışdır.” (8) 9 – Əbu Yəla və başqaları sənədlərlə Əbu Səid Xudridən nəql edirlər ki, Peyğəmbər (s) Əliyə işarə edərək buyurdu: “Haqq onunladır, haqq onunladır.” (9) 10 – Heysəmi sənədlərlə Ümmü Sələmədən belə nəql edir: “Əli haqq üzərindədir, hər kəs ona tabe olsa, haqqa tabe olmuş, hər kəs ondan ayrılsa, haqdan ayrılmışdır. Bu bir əhddir ki, bu gündən qabaq bağlanmışdır.” (10) (11) Qeydlər: 1. “Tarixu Bəğdad”, cild, 14, səh. 321. 2. “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 236. 3. “Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh. 73. 4. “Rəbiul-əbrar”, 1-ci cild, səh. 828. 5. “Əl-mu`cəmul-ovsət”, 5-ci cild, səh. 455, hədis: 4877. 6. “Mustədrək”, Hakim, 3-cü cild, səh. 135, hədis: 4629; Camiu Tirmizi, 5-ci cild, səh. 592, hədis: 3724. 7. “Ət-təfsirul-kəbir”, 1-ci cild, səh. 205. 8.“Kifayətut-talib”, səh. 265, bab 62; Mənaqibu Xarəzmi”. 9. “Musnədi Əbu Yə`la”, 2-ci cild, səh. 318, hədis: 1052; “Məcməuz-zəvaid”, 7-ci cild, səh. 35. 10. “Məcməuz-zəvaid”, 9-cu cild, səh. 134. 11. Əli Əsgər Rizvani, “İmamşünaslıq və şübhələrə cavab”, (2), səh. 421.

İmam Əli (ə) 11.01.2025

“Haqq Əli (ə) ilədir” hədisi necə nəql olunub?

Ətraflı cavab: Peyğəmbərin (s) həyat yoldaşı olan Ümmü Sələmə və Aişə deyirlər: Peyğəmbəri-Əkrəmdən (s) eşitdik ki, buyurdu:   على مع الحق و الحق مع على لن یفترقا حتى یردا علىّ الحوض “Əli (ə) haqq ilə, haqq da Əli (ə) ilədir. Onlar kövsər hovuzun kənarında mənə çatanadək bir-birlərindən ayrılmazlar.”   Bu hədis əhli-sünnə mənbələrinin əksəriyyətində yazılıb. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə “Əl-Qədir” kitabının üçüncü cildində yazıb. (1) Əhli-sünnənin tanınımış təfsirçisi Fəxri Razi ”Təfsiri-kəbir” kitabında “Həmd” surəsi barəsində yazır: “Həzrət Əli (ə) bismillahı uca səslə deyərdi və bu məsələ təvatür həddində sübut olunub. Hər kəs öz dinində həzrət Əliyə (ə) iqtida etsə, hidayət olacaq. Bunun dəlili Peyğəmbərin (s) buyurduğu kəlamdır :   اللّهم ادر الحق مع على حیث دار “Ey Allah, (Əli harda olursa olsun,) haqqı Əlinin yanında elə!”” (2) Diqqət edilməli məsələ hədisdə “haqq”ın harada olursa-olsun, həzrət Əlinin (ə) yanında olmasının bildirilməsidir. (3) Qeydlər: (1) Bu hədisi Məhəmməd ibn Əbi bəkr, Əbuzər, Əbu Səid Xudri və başqaları Peyğəmbərdən (s) nəql etmişlər. (Ətraflı məlumat üçün “Əl-Qədir” kitabının üçüncü cildinə müraciət edin.) (2) “Təfsiri-kəbir”, c.1, səh. 205 (3) “Hədise-Qədir sənəde quyaye velayət” kitabından toplanıb, maarif və tədqiqat qrupu, Qum, səh. 28.

İmam Əli (ə) 10.01.2025

“Məryəm” surəsinin 96-cı ayəsində söhbət nədən gedir?

Həzrət buyurdu: “Məryəm” surəsinin 96-cı ayəsində oxuyuruq:   اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّاً “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.”   Əhli-sünnənin bir çox hədis və təfsir kitablarında bu ayənin izahı ilə bağlı Peyğəmbərə (s) istinad edilən çoxlu sayda hədislər var. Bu, onu göstərir ki, ayə ilk növbədə həzrət Əli (ə) haqqında nazil olub. Əllamə Zəməxşəri “Kəşşaf”, Sibt ibn Covzi “Təzkirə” kitabında, Gənci, Şafei, Qurtubi özlərinin məşhur təfsirlərində, Muhubiddin Təbəri “Zəxairul-uqba” kitabında, Nişaburi məşhur təfsirində, İbn Səbbağ Maliki “Fusulul-muhimmə”, Süyuti “Durrul-mənsur”, Heysəmi “Səvaiqul-muhriqə”, Alusi “Ruhul-məani” kitabında bu ayənin təfsiri haqqında çoxlu sayda hədis yazıblar.   1. Sələbi öz təfsirində Bərra ibn Azibdən nəql edir ki, Allahın Rəsulu (s) həzrət Əliyə (ə) buyurdu:   قُلِ اللّهُمَّ اجْعَلْ لِى عِنْدَکَ عَهْداً، وَ اجْعَلْ لِى فِى قُلُوبِ الْمُوْمِنِیْنَ مَوَدَّهً، فَاَنْزَلَ اللّهُ تَعالى اِنَّ الَّذِیْنَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ اللرَّحْمنُ وُدّاً   “De ki, ey Allah, mənim üçün öz yanında bir əhd müəyyən elə, mənim məhəbbətimi möminlərin qəlbinə sal.” Bu zaman “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi nazil oldu. (1) Başqa kitablarda bu hədis bir qədər fərqli şəkildə qeyd olunub.   2. İslam dünyasına aid kitabların bir çoxunda İbn Abbasdan nəql olunub:   نُزِّلَتْ فِى عَلِىِّ بْنِ اَبِیْطالِب اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ سَیَجْعَلُ لَهُمُ الرَّحْمنُ وُدّا قالَ: مَحَبَّهً فِى قُلُوبِ الْمُوْمِنِیْنَ   Yəni, “İman gətirib yaxşı iş görənlər üçün Rəhman Allah qəlblərdə sevgi yaradacaq.” ayəsi Əli ibn Əbi Talib haqqında nazil olub. (2)   3. “Səvaiq” kitabında Məhəmməd ibn Hənifə ayənin təfsiri barədə yazır:   لایَبْقى مُوْمِنٌ اِلاّ وَ فِى قَلْبِهِ وُدٌّا لِعَلِىٍّ وَ لاِهْلِبَیْتِهِ “Elə bir imanlı şəxs tapılmaz ki, onun qəlbində həzrət Əli (ə) və onun Əhli-beytinin (ə) məhəbbəti olmasın.” (3)   4. Ola bilsin ki, bu səbəbdən səhih və mötəbər bir rəvayətdə Əmirəl-möminin Əlidən (ə) belə nəlq olunub:   لَوْ ضَرَبْتُ خَیْشُومَ الْمُوْمِنِ بِسَیْفِى هذا عَلى اَنْ یُبْغِضَنِی ما اَبْغَضَنِى وَ لَوْ صَبَبْتُ الدُّنْیا بِجَمّاتِها عَلَى الْمُنافِقِ عَلى اَنْ یُحِبَّنِى ما اَحَبَّنِى وَ ذلِکَ اَنَّهُ قُضِىَ فَانْقَضَى عَلى لِسانِ النَّبِىِّ الاْ ُمِّىِّ(صلى الله علیه وآله) اَنَّهُ قالَ لایُبْغِضُکَ مُوْمِنٌ وَ لایُحِبُّکَ مُنافِقٌ   ”Əgər bu qılıncımla (qılıncın qəbzəsi və arxası ilə) mənə düşmən olsun deyə möminin burnuna vursam, heç vaxt düşmən olmayacaq. Məni sevsin deyə bütün dünyanı (nemətlərini) münafiqə versəm, sevməyəcək. Bu, ona görədir ki, Peyğəmbər (s) qəti bir hökm kimi mənə buyurdu: Ey Əli! Heç bir mömin sənə düşmən olmaz və heç bir münafiq sənin məhəbbətini qəlbində yerləşdirməz.” (4)   5. İmam Sadiqə (ə) aid bir hədisdə oxuyuruq: “Peyğəmbər (s) namazının sonunda camaatın eşidə biləcəyi uca bir səslə Əmirəl-möminin Əli (ə) üçün belə dua etdi:   ”اَللّهُمَّ هَبْ لِعَلِىٍّ الْمَوَدَّهَ فِى صُدُورِ الْمُوْمِنِیْنَ، وَ الْهَیْبَهَ وَ الْعَظَمَهَ فِى صُدُورِ الْمُنافِقِیْنَ فَاَنْزَلَ اللّهُ اِنَّ الَّذِینَ آمَنُوا… ”   “Ey Allah, Əlinin (ə) məhəbbətini möminlərin ürəyində yerləşdir, onun heybət və əzəmətini münafiqlərin qəlbinə sal!” Bu zaman yuxarıdakı sözügedən ayə nazil oldu.

İmam Əli (ə) 10.01.2025

Həzrət Əlinin (ə) mövlud günü

Pеyğəmbərlərin sоnuncusu Həzrət Muhəmmədin (s) özündən sоnrаkı хəlifəsi, əmisi оğlu, kürəkəni, möminlərin vəlisi olan Həzrət Əli (ə), Muhəmməd Peyğəmbərin (s) besətindən (peyğəmbərlik məqamına çatmasından) 10 il əvvəl rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyаyа göz аçıb. Оndаn qаbаq burаdа hеç kim dünyаyа gəlməyib və оndаn sоnrа dа burаdа hеç kim dünyаyа gəlməyəcək.   İmam Əlinin (ə) ən məşhur ləqəbi Əmirəl-möminindir. Qaynaqlar İmam (ə) üçün 850-dən аrtıq ləqəb qеyd еdib. Həzrət Əlinin (ə) ən məşhur künyəsi Əbul Həsəndir. Atası böyük məqаm sаhibi оlаn Əbu Tаlib (ə), anаsı isə Fаtimə binti Əsəddir.   Əmirəl-möminin İmam Əli (ə) Peyğəmbərdən (s) sonra bu dünyada ən üstün insanlardan biridir. Həzrətin (ə) əxlaqı, mənəviyyatı və zahiri bunun nə qədər həqiqət olduğundan xəbər verir. İmamı (ə) başqalarından fərqləndirən böyük bir şey var idi ki, həmin şey ancaq ona aid idi. Bu da Həzrətin (ə) dünyaya gəldiyi məkandır. İndiyə qədər heç bir peyğəmbər (ə) və ya heç bir digər şəxs Kəbənin daxilində dünyaya gəlməmişdir.   İmam (ə) özünün Həzrət İsadan (ə) fərqli olmağını belə izah edir: “İsa ibn Məryəm (ə) dünyaya gələn zaman Beytul-müqəddəsdən qeyb nidası gəlir ki, Məryəm (s.ə) məsciddən xaric olsun. Məryəmə (s.ə) nida olunur ki, bu məscid ibadət yeridir, dünyaya uşaq gətirmək yeri deyildir”. Ancaq o zaman ki, Əlinin (ə) dünyaya gəlmə anı yaxınlaşır, Allah Təala Fatimə binti Əsədi Kəbəyə daxil olmağa dəvət edir. Ona qeybdən deyilir: “Fatimə! Evə daxil ol!”.   Hədislərin nəlq etdiyinə görə, Fatimə Əliyə (ə) hamilə olan zaman ibadətlə məşğul idi və anidən doğum sancısı tutur. Fatimə Kəbənin ətrafında dua etməyə başlayır. Allahdan istəyir ki, doğum ağrısını onun üçün asan etsin. Bu zaman Kəbənin divarı aralanır və bir səs Fatiməni içəri dəvət edir. Fatimə də bütün insanların gözü önündə Kəbəyə daxil olur. Kəbənin divarı əvvəlki halına qayıdır. Bu hadisə hamının təəccübünə səbəb olur. Əbu Talibin qardaşı Abbas da orada idi və qardaşına xəbər verir. Əbu Talib də özünü Kəbəyə çatdırır.   Əbu Talib Kəbənin açarını daşıyan idi. Ona görə də Kəbəyə tərəf tələsir, ancaq hər nə edirsə, qapını açarla aça bilmir. Üç gün Fatimə xanım heç bir yemək və içəcək, yardımçı olmadan Kəbənin içində qalır. Üçüncü günü Fatimənin daxil olduğu divar yenidən aralanır və o, bayıra çıxır. Xanım qucağında körpəsini tutmuşdu. İnsanlar ona tərəf gəlir, özünə və körpəsinə baxırlar. (Tebyan\Deyerler.org)   Bəli, bu, elə bir insandır ki, nə ondan əvvəl və nə ondan sonra heç kəs Kəbədə dünyaya gəlməmişdir. Onun məqamının nə qədər əzəmətli olması üçün elə bu hadisə kifayətdir.

İmam Əli (ə) 10.01.2025

Fəzilətlər dəryasından bir damla

Vilayət şahı, hidayət şamı, müttəqilər və möminlərin mövlası, Allah və Peyğəmbərin (s) sevimlisi imam Əli ibn Əbu Talibin (ə) fəzilətlərindən nə qədər desək və nə qədər yazsaq da, o həzrətin sonsuz hikmət, qeyrət, fəzilət, dəyanət və şücaət dəryası müqabilində yalnız bir damladır. Xəlil ibn Əhməd imam Əlinin (ə) fəzilətləri haqda necə də gözəl demişdir: کیف اصف رجلاً کتم اعادیه محاسنه حسداً و احبّائه خوفاً و ما بین الکلمتین ملأالخائفین؛ “O kişini necə vəsf edim ki, düşmənləri həsəd üzündən, dostları isə düşmənlərinin qorxusundan onun fəzilət və gözəlliklərini gizlətdilər. Bununla belə, onun fəzilət və gözəllikləri qərb və şərqi bürümüşdür.” (“Rozətul-muttəqin”, 13-cü cild, səh.265.) Bundan da uca bir məqam varmı ki, Əmirəlmöminin Əli (ə) Peyğəmbəri-Əkrəmə (s) iman gətirən və o həzrətin çiyninə çıxıb bütləri sındıran ilk şəxsdir. Peyğəmbəri-Əkrəm (s) tərəfindən dəfələrlə imamət və xilafət məqamına təyin edildi. Hicrət gecəsi, o qorxulu zamanlarda Peyğəmbəri-Əkrəmin (s) yatağında yatdı. Peyğəmbər (s) ümmətinin və on bir məsum imamın atası idi. Peyğəmbərin (s) sevimli qızı xanım Fatimeyi-Zəhra (s.ə.) həyat yoldaşı idi. “Xəndək” döyüşündə Peyğəmbərin (s) nidasına “ləbbeyk” deyən, küfr ordusunun pəhləvanı Əmr ibn Əbdəvüdün kürəyini yerə vuran, bir zərbəsi bütün cin və insanların ibadətindən fəzilətli sayılan, “Xeybər” döyüşündə “Xeybər” qalasının qapısını yerindən qoparıb İslam ordusunu nüsrət və qələbəyə yetirən yeganə şəxsdir. İmam Əli (ə) elə bir şəxsiyyətdir ki, onu Allah və Peyğəmbərdən (s) başqası layiqincə tanıya bilmədi. Peyğəmbər (s) o həzrətə xitabən buyurmuşdur: يَا عَلِيُّ مَا عَرَفَ اللَّهَ حَقَّ مَعْرِفَتِهِ غَيْرِي وَ غَيْرُكَ وَ مَا عَرَفَكَ حَقَّ مَعْرِفَتِكَ غَيْرُ اللَّهِ وَ غَيْرِي “Ya Əli! Allahı mən və səndən başqa, layiqincə tanıyan olmadı. Səni də Allah və məndən başqası, layiqincə tanıyan olmadı.” (“Əl-mənaqib”, İbn Şəhr Aşub”, 3-cü cild, səh.268.) Başqa bir hədisdə buyurmuşdur: يا علي! لا يَعرفُ الله تَعالى إلا أنَا وَ أنتَ وَ لا يَعرِفني إلاّ الله وَ أنتَ وَ لا يَعرِفُك إلا الله وَ أنَا “Ya Əli! Allahı mən və səndən başqası, məni Allah və səndən başqası, səni də Allah və məndən başqası tanımadı.” (“Rozətul-muttəqin”, Əllamə Məhəmməttəqi Məclisi, 13-cü cild, səh.273; “Əl-mənaqib”, İbn Şər Aşub, 3-cü cild, səh.268.) İbn Abbas Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğunu nəql edir: لَو اَنَّ الرّیاضَ (الفیاض) اقلامٌ و البحرُ مدادٌ والجنُّ حُسّابٌ والانسُ کُتّابٌ ما اَحصوا فضائل علیِّ بن ابی طالبٍ “Ağaclar (bağlar) qələm, dərya mürəkkəb, cinlər hesablayıcı, insanlar yazar olarsa, Əli ibn Əbu Talibin fəzilətlərini sayıb-qurtara bilməzlər.” (“Əl-mənaqib”, Xarəzmi, səh.177, hədis 99 və “Lisanul-mizan”, 5-ci cild, səh.62; “Mizanul-etidal”, Zəhəbi, səh.467.) Yenə o həzrət başqa bir hədisdə belə buyurmuşdur: إِنَّ اللَّهَ تَعَالَى جَعَلَ لِأَخِي عَلِيِّ بْنِ أَبِي طَالِبٍ فَضَائِلَ لَا تُحْصَى كَثْرَةً فَمَنْ قَرَأَ فَضِيلَةً مِنْ فَضَائِلِهِ مُقِرّاً بِهَا غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ “Həqiqətən, Allah-Taala qardaşım Əli ibn Əbu Talib üçün saysız-hesabsız fəzilətlər qərar vermişdir ki, əgər bir şəxs həmin fəzilətlərdən birini etiqad və ə etiraf üzündən zikr edərsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar.” وَ مَنْ كَتَبَ فَضِیلَةً مِنْ فَضَائِلِه لَمْ تَزَلِ الْمَلَائِكَةُ تَسْتَغْفِرُ لَهُ مَا بَقِیَ لِتِلْكَ الْكِتَابَةِ رَسْمٌ… “Əgər bir şəxs onun fəzilətlərindən birini yazarsa, həmin yazı qalacağı vaxta qədər mələklər onun üçün bağışlanma diləyərlər…” Sonra o həzrət buyurdu: النَّظَرُ إِلَى عَلِیِّ بْنِ أَبِی طَالِبٍ عِبَادَةٌ وَ ذِكْرُهُ عِبَادَةٌ وَ لَا یُقْبَلُ إِیمَانُ عَبْدٍ إِلَّا بِوَلَایَتِهِ وَ الْبَرَاءَةِ مِنْ أَعْدَائِهِ. “Əli ibn Əbu Talibin üzünə baxmaq və adını çəkmək ibadətdir. Bəndənin imanı yalnız onun vilayətini qəbul etmək və düşmənlərinə nifrət bəsləməklə qəbul olunar.” (“Əmali”, Şeyx Səduq, məclis 28, son hədis.) Bir sözlə, Əmirəlmöminin Əli (ə) fəzilətlər dəryasıdır və həmin fəzilətləri yazmaqla qurtarmaq mümkünsüzdür. Elə buna görə də, biz qeyd etdiklərimizlə kifayətlənirik. Şair demişkən: کتاب فضل تو را آب بحر کافی نیست               که تر کنم سرانگشت و صفحه بشمارم Fəzilət kitabını, ya Əli, saymaqdan ötər,            Dəryanın suyu ilə barmağı islatsam əgər, Quruyar dərya, amma tükənməz bu səhifələr! Rza Şükürlü (Maide.az)

İmam Əli (ə) 10.01.2025

Əmirəlmöminin Əli (ə) öz kəlamında

İmam Əli (ə) bir kəlamında özü haqda belə buyurmuşdur: اللَّهُ قَدْ اعْطانى مِنَ الْعَقْلِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ حُمَقاءِ الدُّنْيا وَ مَجانينِها لَصارُوا بِه‏ عُقَلاءَ، وَ مِنَ الْقُوَّةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميعِ ضُعَفاءِ الدُّنْيا لَصارُوا بِه‏ اقْوِياءَ، وَ مِنَ الشُّجاعَةِ ما لَوْ قُسِّمَ عَلى‏ جَميع جُبَناءِ الدُّنْيا لَصارُوا بِه‏ شَجْعاناً؛ “Allah mənə o qədər ağıl verib ki, əgər onu dünyanın bütün ağılsızları arasında bölüşdürsələr, onların hamısı ağıllanar. O qədər güc və qüdrət verib ki, əgər onu bütün gücsüzlər və zəiflər arasında bölüşdürsələr, onların hamısı güclənər. O qədər şücaət verib ki, əgər onu bütün qorxaqlar arasında bölüşdürsələr, onların hamısı şücaətli olar.” (“Biharul-ənvar”, 19-cu cild, səh.83.) İslam düşmənləri “Leylətül-məbit” hadisəsində Peyğəmbəri-Əkrəmin (s) evinə hücum edib, o həzrətin yatağında imam Əlinin (ə) yatdığını gördükdə, onlardan bəziləri dedilər: “Gəlin Peyğəmbərin (s) əvəzində Əlini (ə) öldürək!” Əbu Cəhl “Bu gənc oğlanla işiniz olmasın, Muhəmməd onu aldadıb!” – deyə istehza etdikdə, imam Əli (ə) onun cavabında yuxarıdakı cümlələri söylədi ki, onların kiminlə üz-üzə durduğunu və yanıldıqlarını anlasınlar. Doğrudan da, o həzrət dünya qədər əql, elm və şücaət məcmusudur, yəni Allah-Taala bir dünyanı bir insanın vücudunda yerləşdirmişdir. İmam Əli (ə) ən çətin anlarda belə, İslam Peyğəmbərini (ə) tək qoymamışdır. İslam Peyğəmbərinin (ə) bərəkətli ömrünün ağır günləri az olmamışdır, amma bu ağır günlər üç yerdə daha da şiddətlənmiş və imam Əli (ə) hər üç yerdə mühüm rol oynamışdır: 1. İslam Peyğəmbəri (s) hicrət edən zaman (“Leylətül-məbit” hadisəsində); 2. “Ühüd” döyüşü; 3. “Xəndək” döyüşü. “Ühüd” döyüşü qurtardıqdan sonra imam Əli (ə) yaralı və qana boyanmış bədənlə İslam Peyğəmbərinin (s) hüzuruna gəlib dedi: “Sizi müdafiə edərkən və pərvanə tək ətrafınıza dolanarkən mənə çoxlu qılınc zərbəsi endirildi ki, on altı zərbə daha ağır idi və hətta zərbənin ağırlığı nəticəsində dörd dəfə yerə yıxıldım. Hər dəfə yerə yıxılanda, böyük bir şəxs gəlib qollarımdan tutaraq qaldırır və deyirdi: “Peyğəmbəri (s) müdafiə et!” Ey Allahın Rəsulu! Həmin şəxs kim idi?” Peyğəmbər (s) buyurdu: “Allahın vəhy əmanətdarı Cəbrail-Əmin.” İmam Əlinin (ə) Əmr ibn Əbdəvüdlə mübarizə apardığı “Xəndək” döyüşündə də, Peyğəmbəri-Əkrəm (s) həmin gün o həzrətin mübarizəsini bütün insan və cinlərin ibadətindən üstün hesab edir. Çünki heç kim Əmr ibn Əbdəvüdlə döyüşməyə qadir deyildi. Məhz imam Əli (ə) onu, yəni düşmənin ən böyük qəhrəmanını məğlub etməyə qadir oldu və beləcə, düşmənin canını qorxu bürüdü. (“Füruği-əbədiyyət”, 2-ci cild, səh.27.) Bəli, o həzrət ən çətin anlarda İslam Peyğəmbərini (s) tək buraxmadı və o həzrətin ən yaxın köməkçisi oldu. Biz də Əmirəlmöminin Əli (ə) – şiələrin birinci imamı ilə fəxr edirik! Amma görəsən, yalnız o həzrətin fəzilətləri ilə fəxr etmək kifayətdir və onun müqabilində heç bir məsuliyyət daşımırıq? Sözsüz ki, o həzrətin fəzilətləri bizim üçün məsuliyyət doğurur və biz o həzrətin uca səciyyələrindən bəhrələnməli, öz vücudumuzu onun şüaları ilə işıqlandırmalıyıq! Rza Şükürlü (Maide.az)

İmam Əli (ə) 10.01.2025

İmam Əlinin (ə) dünyaya 3 dəfə təlaq verməsi

İmam Əlinin (ə) dostlarından olan Zirar ibni Həmzə Zəbayi Şama getmişdi. Müaviyyənin (lən) xidmətinə gedir və Müaviyyə ondan İmam (ə) haqqında məlumat verməsini istəyir. Zirar nəql edir: “Əlini (ə) o halda gördüm ki, gecə pərdələrini aşağı salmışdı. Mehrabında əyləşmişdi. Saqqalını əlini ilə tutub, zəhərli ilan vurmuş kimi bükülmüşdü. Qəmgin səslə ağlayır və deyirdi: “Ey dünya! Ey haram dünya! Məndən uzaqlaş. Mənim üçün özünü göstərirsən, ya mənə məftun olmusan ki, bir gün qəlbimdə yer alasan? Heç bir zaman, məbada. Məndən qeyrisini aldat. Mənim sənə heç bir ehtiyacım yoxdur. Sənə üç dəfə təlaq vermişəm ki, geri qayıtmayasan. Sənin yaşayış dövrün qısa,  dəyərin az və arzuların alçaqdır. Ah olsun azuqənin azlığından, yolun uzun olmasından, mənzilin uzaqlığından, Qiyamət gününün əzəmətindən!””. (Tebyan)/Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

İmam Əlini (ə) Quran bizə belə tanıdır

Əmirəl-möminin (ə) kimi şəxsiyyəti tanımaq üçün doğru məlumatları ancaq hədislərdən və Qurandan ala bilərik.   Qurani-Kərim elə səma kitabıdır ki, hər bir müsəlman onun buyurduqlarını qəbul edir və inanırlar. Quranda İmam Əlinin (ə) məqam və fəzilətləri barəsində bir çox ayələr nazil olmuşdur. Onların cüzi hissəsinə diqqət edək. (Tebyan)   1. Misal üçün, Uca Allah “Mübahilə” ayəsində İmam Əlini (ə) Peyğəmbərin (s) özü, canı kimi tanıtmış və buyurmuşdur: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Həzrət Peyğəmbər bu hadisədə İmam Həsənlə (ə) İmam Hüseyni (ə) – oğulları, Həzrət Fatiməni (s.ə) – xanım və İmam Əlini (ə) –canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular). (“Ali-İmran” 61).   2. Allahın razılığının alıcısı. Qurani-Kərim bu ayədə İmamı (ə) Allahın razılığının alıcısı kimi təqdim etmişdir. “İnsanlardan eləsi də var ki, Allahın razılığı üçün öz canını satır (hicrət gecəsi Peyğəmbərin (s) yatağında yatmış Əli (ə) kimi Allah yolunda canından keçir). Allah bəndələrə qarşı çox şəfqətli və mehribandır”. (“Bəqərə” 207).   3. İsmət və paklıq nümunəsi. “Həqiqətən, Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (“Əhzab” 33).   4. Allahın vəlisi. “Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi – İmam Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)”. (“Maidə” 55).   5. Ən üstün xəlq. “Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar”. (“Bəyyinə” 7).   6. Peyğəmbərin (s) itrəti. “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən, Allah bağışlayan və qədirbiləndir”. (“Şura”, 23)/Deyerler.org/

İmam Əli (ə) 10.01.2025

Həzrət Əlinin (ə) fəziləti (Dabbətul-ərz ayəsi)

Həzrət Əlinin (ə) fəziləti (Dabbətul-ərz ayəsi) Ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ “O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir canlı çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. Həmin gün hər ümmətin ayələrimizi yalan sayanlarından bir dəstə toplayarıq. Sonra da onları (hərəkətdən) saxlayarıq (ki, digər qruplar da da onlara qatılsınlar).” (Nəml, 82-83). İzah: “Rəcət” şiə məzhəbinin danılmaz həqiqətlərindəndir və ona inam bu məzhəbin zərurətlərindən hesab olunur. “Rəcət” o deməkdir ki, Allah Qiyamətə yaxın bir zamanda bir qrup xalis möminləri və çox inadkar, təkəbbürlü insanları bu dünyaya qaytaracaq. Əməlisalehlərin dövlətini quracaq və zalımlardan elə bu dünyada qisas alacaq. “Nəml” surəsinin 83-cü ayəsi “Rəcət” haqqında Quranda keçən dəlillərdən biridir. Çünki bu ayədə Allah camaatın hamısını yox, məhz bir dəstəsini qaytarmaqdan xəbər verir. “Rəcət” zamanı geri dönən imamlardan (ə) biri həzrət Əli (ə) olacaqdır ki, 82-ci ayədə “Dabbətul-ərz” olaraq yad edilir. Hədis: İmam Əli (ə): “Mən Cənnət və Cəhənnəmi bölən, … və yer üzündə camaatla danışan canlıyam (Yuxarıdakı ayəyə işarə olunur).” (Kafi, c. 1, səh. 98, hədis: 3).

İmam Əli (ə) 10.01.2025

İmam Əli əleyhissalamdan möminlərə xəbərdarlıq!

Əmirəlmöminin Əli əleyhissalam Nəhcül bəlağədə 23-cü məktubda qohumlarla ünsiyyətin və qohumlarla gediş-gəliş etməyin əhəmiyyətini vurğulayaraq buyurur: وهُمْ أَعْظَمُ النَّاسِ حَيْطَةً مِنْ وَرَائِه وأَلَمُّهُمْ لِشَعَثِه وأَعْطَفُهُمْ عَلَيْه عِنْدَ نَازِلَةٍ إِذَا نَزَلَتْ بِه “İnsanın qohumları onu müdafiə və himayə etmək üçün ən böyük dəstədirlər ki, onun iztirab və narahatçılıqlarını ondan uzaqlaşdırırlar, həm də insan müsibət və qəm-qüssəyə məruz qalanda ona təsəlli vermək cəhətindən insanların ən qayğıkeşi və ürək yandıranıdırlar. Əmirəlmöminin Əli əleyhissalam bu kəlamında qohumların insan üçün nə dərəcədə faydalı olduqlarını bizlərə çatdırır. Çox dəqiq və incə şəkildə qohumların insana lazımlığının əhəmiyyətini və qohumlarla əlaqə və bağlılığın qorunub saxlanılmasının vacibliyini vurğulayır. Qohumlarla, eləcə də dostlarla əlaqəni, ünsiyyəti və get-gəli pozmaq isə yuxarıdakı faydaların tamamilə əksini, tərsini insana nəsib edir. İnsan çətinlik və müsibətlərə məruz qalarkən o çətinliklərin ondan uzaqlaşmasını istəməsindən daha çox ona təsəlli və ürək-dirək verən insanları öz yanında görmək istəyir. Allah Taala insanın qohumlarını ona bir nemət olaraq bəxş etmişdir. Qohumluq hissləri Allah Taalanın insanlara bəxş etdiyi misilsiz bir hədiyyədir. Qohumlarla, eləcə də dostlarla əlaqə saxlamaq, onlarla ünsiyyətdə və mehriban bağlılıqda olmaq özü bir hünərdir, eyni zamanda böyük bacarıq və fərasət tələb edir. Hesablamalara əsasən qohumlarla ünsiyyət və əlaqəsi olmayan insanların əksəriyyəti bacarıqsız və fərasətsiz insanlardırlar. Amma onlar öz bacarıqsızlıqlarını camaatdan gizlətmək məqsədilə müxtəlif yollara əl atırlar, kimisi qohumlarını günah əhli olmaqda, kimisi qohumlarını yalançı, dünyapərəst, onun ailəsini istəməmək, get-gəl olsa nəsə umacağımızı düşünəcək və sair bəhanələrlə qohumlarla ünsiyyətdə olmamaqda özlərinə haqq qazandırırlar. İnsanın başına müsibət gələn zaman onun qohumlarının, yaxınlarının ona təsəlli verməsi və onu müdafiə etməsi həmin çətinliklərin acısını azaltmaqla yanaşı tezliklə şadlıq və sevincin insanın sorağına gəlməsinə səbəb olur. İnsanlarla, xüsusilə də qohumlarla ünsiyyət və əlaqəsi çox olan şəxslər daha çox şad və sevincli olurlar. Amma insanlardan uzaq olan, həmçinin qohumlarla əlaqə və rabitəsi olmayan insanlar adətən qəmli, kədərli, soyuq, fikirli, kinli, bədbin olurlar. Odur ki, Əmirəlmöminin Əli əleyhissalam 23-cü xütbədə qohumların insana faydalarının əsas iki hissəsini bəyan edir. 1- Hər bir insanın cəmiyyət içində müdafiə və himayəçiyə ehtiyacı vardır. Qohumlar insanın İlahi tərəfindən hədiyyə olan müdafiəçiləridirlər. 2- Hər bir insan həyatda istər istəməz çətinliklər, müsibətlər və bəlalar ilə rastlaşır. Qohumlar insana təsəlli vermək və onun acılarını müalicə etmək cəhətindən ən yaxşı köməkçidirlər. Sonda onu da qeyd edək ki, imperialist qüdrətlər insanlar arasında qohumluq əlaqələrini qırmaq üçün böyük təbliğat kampaniyası ilə məşğuldurlar, onların planlarına əsasən insanlar arasında qohumluq əlaqələri soyumalı və insanlar bir-birinə yadlaşmalıdır. Təəssüf ki, bu təbliğatların mənfi təsirləri bir çox möminlərdən yan keçməmişdir, hazırda qohum-əqrəbası ilə yaxşı olmayanların cərgəsində möminlər də az deyil. Elə isə, insanlarla əlaqənin kəsilməsinin əsas səbəbi olan Təkəbbürlük, Özünü bəyənmək və Özünəvurğun olmaq kimi pis xarakterlərə son qoyaq, qohum-əqrəba ilə ünsiyyət quraq.

İmam Əli (ə) 10.01.2025

Qədir-Xum xütbəsində İmam Əlinin (ə) tanıdılması

Həzrət Peyğəmbərin (s) vida həccindən qayıdan zaman Qədir-Xum çölündə hüccətini tamamlayıb, İmam Əlini (ə) özündən sonra rəhbər və vəli elan etməsi – tarixin unudulmaz mühüm hadisələrindən biridir. Həzrət (s) bu səhrada unudulmaz bir xütbə söyləmişdir ki, həmin xütbədə vilayətin sirlərini açmış və insanlara həqiqi İlahi rəhbərin xüsusiyyətlərini bəyan etmişdir. İmam Əlini (ə) müsəlmanlara tanıtmış və əlindən tutub, onu özündən sonra rəhbər elan etmişdir.   Bu məşhur xütbədə Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) necə tanıdır? Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlini tutub yuxarı qaldıran halda buyurur: “Ey insanlar! Bu Əli (ə) mənim qardaşım, vəsim, elm xəzinəsi, xəlifə və mənim ümmətə canişinimdir. Əli (ə) – Quranı təfsir edəndir. Odur insanları haqqa dəvət edən və odur Allahın razılığına səbəb olan hər şeyi yerinə yetirən. Odur Peyğəmbərin (s) xəlifə və canişini. Odur Əmirəl-möminin, Allah xəlqinin rəhbər və hidayət edəni. Odur Allahın əmri ilə nakəsinlərin, qasitinlərin, mariqinlərin qatili.   (Ey insanlar) O şeyi ki, Allahın əmri ilə deyirəm və bu, Allahın istədiyidir ki, Onun heç bir sözü mənim tərəfimdən dəyişdirilməsin. İndi deyirəm: “Allahım! Hər kim Əlini (ə) sevir, (onu) sev. Hər kim onunla düşməndir, (onunla) düşmən ol. Allahım! Hər kim Əlini (ə) inkar edər, (ona) lənət et və hər kim onun haqqını qəbul etməz, (onu) Öz qəzəbinə giriftar et!”.   Ey insanlar! Əlini (ə) hamıdan üstün bilin ki, məndən sonra hər bir qadın və kişidən daha üstün və daha yüksəkdir. (Bilin ki) Allah bizə xatir aləmdə olanlara ruzi verər və varlıq aləmi bərqərar olar. Hər kim mənim bu sözümü inkar edər – məlundur, məlundur və Allah dərgahında qəzəbə gələndir.   Allahım! Əgər indi Əlini (ə), Sənin vəlini öz canişimin təyin etdimsə, Sənin insanlar üzərində olan nemətinin tamamlanmaq və dinin kamala çatmasına səbəb olan əmri bəyan etdimsə hamısı-hamısı Sənin əmrinlə olmuşdur.   Allahım! Səni şahid tuturam və Sənin şahidliyin kifayətdir ki, mən öz təbliğ və risalət vəzifəmə əməl etdim.   Ey insanlar! Allah Təala sizin dininizin kamalını imamətdə və Əli (ə) vilayətində qərar vermişdir. Ona görə də hər kim ona və onun belindən, mənim canişin övladlarıma dünyanın axırıncı gününə qədər itaət etməzsə, əməllərinin məhv olmasına düçar olar və cəhənnəm atəşində cavidan halda əzab görər. Nə əzabı yüngülləşər və nə də ona nicat üçün möhlət və fürsət verilər.   Ey insanlar! Bu, Əlidir (ə) ki, mənə hamıdan daha çox yardım etmişdir və mənə hamıdan daha layiqlidir. İnsanların hamısından mənə daha yaxındır və mənim yanımda hər kəsdən daha sevimli və daha əzizdir.   Allah Təala və mən ondan razıyıq. Harada ki, Allah möminlərə xitab etmişdir, ilk növbədə ona nəzər salmışdır. Mədh olunan ayə yoxdur, məgər onun haqqında. “İnsan” surəsində yada salınan behişt onun üçündür. Ey insanlar! Əli (ə) Allah dininin nasiri və Allah peyğəmbərinin (s) himayəçisidir. Odur təqvalı dindar, təyyib, tahir, yol göstərən və yol tapmış. Peyğəmbəriniz (s) ən yaxşı peyğəmbər, onun vəsisi ən yaxşı vəsi, oğulları ən yaxşı vəsilərdirlər.   Ey insanlar! Hər bir peyğəmbərin (ə) nəsli onun belindəndir, ancaq mənim nəslim Əlinin (ə) belindəndir”. (Tebyan)   /Deyerler.org/

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...