Əhli-Beyt (ə) Təlimləri Ensiklopediyası
Dil:
SonÜmid TV

Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Həsən (ə) 16.01.2025

Vəhy ailəsinin ilk övladının – İmam Həsənin (ə) şəhadət gecəsidir

İmam Həsən Müctəba (ə) vəhy ailəsinin ilk övladıdır ki, hicrətin üçüncü ilində Ramazan ayının 15-də dünyaya göz açmışdır. (Avini saytı /Deyerler.org/) O zaman ki, Xanım Zəhra (s.ə) İmam Həsəni (ə) dünyaya gətirir, İmam Əliyə buyurur: “Ona ad qoyun”. İmam Əli (ə) buyurur: “Mən ona ad qoymaqda Allahın Rəsulunu (s) qabaqlaya bilmərəm”. Bu zaman Peyğəmbər (s) gəlir. Körpəni sarı parçaya büküb, Həzrətin (s) yanına gətirirlər. Həzrət (s) buyurur ki, körpəni sarı parçaya bələməyin, sonra həmin parçanı kənara qoyub, ağ parça götürdü. Körpəni ona bükdü. Sonra üzünü İmam Əliyə (ə) çevirib, soruşdu: “Ona ad qoymusunuzmu?”. İmam Əli (ə) buyurur: “Mən ona ad qoymaqda sizi qabaqlaya bilmərəm”. Həzrət Peyğəmbər (s) buyurur: “Mən də ona ad qoymaqda Allahı qabaqlaya bilmərəm”. Cəbrayil (ə) Allah tərəfindən vəhy gətirir ki, onun adını Harunun oğlunun adı kimi, yəni ərəb dilində Həsən kimi adlandırın.   Körpə dünyaya gələn zaman qulağına azan və iqamə oxunması sünnətdəndir. Həzrət Peyğəmbər (s) körpənin sağ qulağına azan və sol qulağına iqamə oxuyur. Körpə üçün əqiqə qurbanı kəsir və qurbanlığın bir budunu da doğum həkiminə verir. Bu işi yeddinci gündə yerinə yetirir və bu duanı oxuyur: “بسم الله عقیقة عن الحسن‏ اللهم عظمها بعظمه، و دمها بدمه، و شعرها بشعره، اللهم اجعله وقاءا لمحمد و آله‏ Həzrət Peyğəmbər (s) əmr edir ki, körpənin saçını kəsib, o qədər gümüş sədəqə etsinlər. Körpənin başına ətir sürtür və uşağı sünnət etdirir.   Sonra körpəni şeytan və cinlərdən qorumaq üçün bu duanı oxuyur: “«اعیذ كما بكلمات الله التامة من كل شیطان وهامة و من كل عین لامة‏» Həzrət Peyğəmbər (s) İmam Həsənə (ə) Əbu Muhəmməd künyəsini verir. İmamın (ə) bir çox ləqəbləri vardır, o cümlədən: Zəki, Müctəba, Seyyid, Təqi, Təyyib, Vəli…   İmam Həsən Müctəbanın (ə) uşaqlıq dövrünün ən gözəl anları Həzrət Peyğəmbər (s) həyatda olan zamanla bağlıdır. İmam (ə) həyatının yeddi il altı ayını babası ilə yaşamışdır. Onun məhəbbətindən və mehribanlığından bəhrələnmişdi. Onun tərbiyəsini görmüş və sonsuz elm dənizində üzmüşdü. Həzrət Peyğəmbər (s) İmam Həsənlə (ə) İmam Hüseyni (ə) o qədər sevirdi ki, onları reyhanə adlandırırdı. Bir nəfər Həzrət Peyğəmbərə (s) sual verir ki, siz onları sevirsinizmi? Həzrət (s) cavabında buyurur: “Onları necə sevməyim ki, bu ikisi mənim dünyadakı iki xoş ətirli güllərimdir və mən o ikisini iyləyirəm”.   İmam Həsən Müctəba (ə) sima baxımından Həzrət Peyğəmbərə (s) çox bənzəyirdi. İmamın (ə) siması bənzədiyi kimi, rəftar və danışığı da Həzrətə (s) çox bənzəyirdi. Hətta yol getməyi və söhbət etmək tərzi belə, Həzrət Peyğəmbərlə (s) eyni idi. O da babası kimi gözəl əxlaqa malik, kəramətli, səxavətli, yetimləri sevən bir insan idi. Həzrət Peyğəmbər (s) onu behişt cavanlarının ağası adlandırardı və buyurardı: “Hər kim behişt cavanlarının ağasına nəzər salmaq istəyirsə, Həsənə (ə) nəzər salsın”.   İmamın (ə) Allaha olan diqqəti hamını təəccübləndirərdi. Nə zaman dəstəmaz almaq istəsə, bütün bədəni titrəyər və rəngi dəyişərdi. Bunun səbəbini soruşan zaman buyurardı: “O kəs ki, Allah dərgahında dayanar, bundan başqası uyğun deyildir”.   İmam (ə) nə zaman Qiyaməti xatırlasa idi, o qədər ağlayardı ki, özündən gedərdi. Allah Evinə yalın ayaqla 25 dəfə getmişdi.   Salam olsun sənə, ey Peyğəmbərin (s) əziz övladı! Salam olsun sənə, ey Zəhranın (s.ə) ilk gülü! Salam olsun sənə, ey Əlinin (ə) şücaətli oğlu!

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) Müaviyyəni (lən) bircə kəlmə ilə ifşa etməsi

Əxlaq, insanı həm dünyada və həm də axirətdə başı uca edən sifətlərdəndir. İnsanın kamala çatması və tərəqqi etməsi üçün məkarim əxlaqa ehtiyacı vardır. Məkarim əxlaq bulağından sirab olmuş Məsum İmamlarımızdan biri də İmam Həsən Müctəbadır (ə).   İmamHəsənin (ə) fəzilətli sifətlərindən nümunələr ilə tanış olaq:   1. İbadət. İmam Sadiq (ə) buyurur: “İmam Müctəba (ə) öz zamanının ən abid insanı idi. Çox sayda həcci piyada halda və bəzən də yalın ayaqla yerinə yetirmişdir. Onu həmişə zikr deyən halda görürdülər”.   2. Allah qorxusu. İmam Sadiq (ə) buyurur: “Nə zaman (İmam Həsən (ə)) ölümü yada salsa idi, ağlayardı. Nə zaman qəbri yada salsa, ağlayardı. Nə zaman Qiyaməti yada salsa, nalə çəkərdi. Nə zaman (Sirat) körpüsündən keçməyi yada salardı, ağlayardı. Nə zaman əməllərinin Allaha təqdim olmasını yada salardı, nalə çəkər və huşdan gedərdi. Nə zaman namaza dayanardı, bədəni Allah qarşısında titrəyərdi. Nə zaman behişt və cəhənnəmi yada salardı, zəhərli ilanın çaldığı şəxs kimi narahat olar və Allahdan behişti istəyərdi. Cəhənnəm atəşindən Ona pənah aparardı”.   3. Quranla munis idi. İmam Həsən (ə) elə bir ailədə dünyaya gəlmişdi ki, Quran vəhy olunan yer idi və atası İmam Əli (ə) – Quran ayələrini bir yerə toplayan ilk şəxs idi. Bütün ailə üzvləri Qurana ən yaxşı şəkildə əməl edirdilər. Qurani-Kərim bütün Məsumlar (ə) kimi, İmam Həsən Müctəbanın (ə) da munisi idi.   4. Mehribanlıq. Nəql olunur ki, İmam Həsən (ə) yemək yeyən zaman bir it gəlir və Həzrətin (ə) qarşısında dayanır. İmam (ə) yediyi hər tikədən birini onun qabağına atırdı. Bir nəfər soruşur: “Ey Allah Rəsulunun oğlu! İcazə verin, bu heyvanı uzaqlaşdırım”. İmam (ə) buyurur: “Xeyr, onu boş buraxın. Mən Allahdan həya edirəm ki, Onun canlısı mənim üzümə baxır və mən də yemək yeyən halda olum və ona yemək verməyim”.   5. Güzəşt. İmam Həsənin (ə) yəhudi bir qonşusu var idi və bir gün divarından deşik açılır və çirkabın bir hissəsi İmamın (ə) evinə axmağa başlayır. İmamın (ə) evinin divarını napak edir. İmam (ə) bu haqda sükut edir və qonşusuna heç nə demir. Bir gün həmin yəhudinin xanımı İmamın (ə) evinə gəlib bir şey istəyir və bu zaman həmin deşiyi görür və çox xəcalət çəkir. Tez evə gedib, ərinə xəbər verir. Onlar hər ikisi İmamın (ə) yanına gəlib üzr istəyirlər. İmam (ə) da daha çox xəcalət çəkməsinlər deyə, buyurur: “Cəddim Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Qonşunuza mehribanlıq edin!””. Həmin şəxs evinə qayıdır və uşaqlarını da yığıb İmamın (ə) yanına gəlir və İslam dinini qəbul edir.   6. Təvazökarlıq. İmam (ə) da cəddi kimi təkəbbürdən uzaq halda torpağın üzərində əyləşərdi , yoxsullar ilə birlikdə yemək yeyərdi. Bir gün İmam (ə) yoxsulların yanından keçir ki, süfrə açıb yemək yeyirdilər. Onlar İmamı (ə) süfrəyə dəvət edirlər və İmam (ə) da miniyindən yerə düşür və bu ayəni tilavət etdikdən sonra onların süfrəsinə əyləşib, onlarla yemək yeyir: “Şübhəsiz, Allah onların gizlətdiklərini də, aşkar etdiklərini də bilir və həqiqətən O, təkəbbürlüləri sevmir”. (“Nəhl” 23).   7. Helm və səbir. Bir gün İmam Həsən (ə) Müaviyyənin (lən) məclisinə daxil olur və məclis dolu olduğu üçün özünə əyləşməyə yer tapmır. Nəhayət gəlib Müaviyyənin minbərinin aşağısında əyləşir. Müaviyyə isə İmam Əlini (ə) təhqir edən sözlər deyirdi və Aişə tərəfindən özünün xəlifəliyə qəbul olunmamasına tənə vururdu. Sonra əlini İmama (ə) uzadaraq deyir: “Bu kişinin atası xəlifəlik məsələlərində mənimlə müharibə edərdi. Allah da canını aldı”. Həzrət Həsən (ə) buyurur: “Ey Müaviyyə! Aişənin sözlərinə təəccüb edirsən?”. Müaviyyə deyir: “Bəli, Allaha and olsun!”. İmam (ə) buyurur: “İstəyirsənmi ki, ondan da təəccüblüsünü sənə deyim?”. Müaviyyə deyir: “De”. İmam (ə) buyurur: “Aişənin səni qəbul etməməsindən təəccüblüsü budur ki, mən sənin minbərinin aşağısında və ayaqlarının yanında əyləşmişəm”. (Beytutə) Yəni, İmam Həsən (ə) çatdırır ki, o, Həzrət Peyğəmbərin (s) birbaşa canişini olduğu halda, xilafəti qəsb edən Müaviyyə (lən) həyasızcasına onun yerində oturub və hələ bir nəyəsə təəccüblənməyə cürət də edir. Üstəlik, İlahi canişinə layiq olduğu minimal ehtiramı və diqqəti də təzahür etdirmir. Bir halda ki, Müaviyyə (lən) hamıdan yaxşı bilirdi ki, oturduğu kürsü qeyd-şərtsiz İmam Həsənə (ə) aiddir. /Deyerler.org/

İmam Həsən (ə) 16.01.2025

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Həsənin (ə) yaşam tərzində yardım və xeyirxahlığın əlamətləri

İmam Həsən Müctəbanın (ə) bərəkətli doğumunun il dönünümdə, hər şeydən öncə o həzrətin ən mühüm xüsusiyyətini, yəni onun həyatında “yardım və xeyirxahlığı” təhlil etmək zərurəti hiss olunur. Bu səbəbdən bu yazıda mərcəyi-təqlid Ayətullah Məkarim Şirazinin yüksək düşüncə və ideyalarından bəhrələnərək, “İmam Həsən Müctəbanın (ə) yaşam tərzində səxavət və xeyirxahlığın mahiyyəti” mövzusunda dəyərli mətləb və məqamlar siz oxuculara təqdim olunur: İmam Həsənin (ə) həyat tərzinə dərin yanaşmaqla yardım və xeyirxahlıq yollarının öyrənilməsi Ayətullah Məkarim Şirazinin düşüncələrində yardım və Allah yolunda xərcləmək ən böyük ibadətlərdəndir. Allahın ixtiyarlarında qoyduğu nemətlərdən istifadə etməyən, eyni zamanda Allah yolunda başqası üçün xərcləməyənlər məhrum və xəsis şəxslərdir, onlar bu əməlləri ilə Allahın ruzi verən olmadığını göstərirlər. (1). Bu səbəbdən xəsislər və Allahın ixtiyarında qoyduğu nemətlərlə möhtaclara yardım etməkdən çəkinən kəslər özünü yardım və infaqın böyük feyzindən məhrum edərək ilk növbədə özünə, ikinci növbədə isə bu nemətlərdən məhrum qoyduğu möhtaclara zülm etmişdir. Deməli, yardım, xeyriyyəçilik, səxavət və kərəmin mənasını Əhli-beytdən (ə) öyrənməliyik. Məsum imamlara (ə) sevgi göstərmək yaxşı olsa da, yetərli deyil. Onların əməl və davranışlarından nümunələr götürmək lazımdır. (2).   Ayətullah Məkarim Şirazinin sözlərinin bu hissəsinə diqqət etməklə, eləcə də İmam Həsən Müctəbanın (ə) yaşam tərzində yardım və xeyirxahlığın xüsusiyyətləri mövzusunda dərin düşünməklə, möhtac və yoxsullara əl tutub, onları himayə etməsində o həzrətin fasiləsiz fədakarlıqlarına etiraf etmək olar. Ayətullah Məkarim Şirazi çıxışlarının birində bu barədə deyir: “İmam Həsən Müctəba (ə) yoxsullara o qədər kömək edirdi ki, artıq o həzrətin evi yoxsul və kimsəsizlərin sığınacağına çevrilmişdi. Belə ki, Kufəyə gələn hər qərib, möhtac və çarəsiz şəxs Peyğəmbər (s) nəvəsinin ünvanını soruşurdu (3).   Quranda infaq və yardımın məfhumu “وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ” – “Və dilənçini acıqla qovma!” ayəsi Peyğəmbərin (s) ikinci vəzifəsini müəyyən edir. Bu vəzifə yoxsul və möhtaclara yetişmək, onlarla düzgün və məntiqə uyğun davranmaqdır. Sanki Allah-taala buyurur: Ey Peyğəmbərim! Yoxsul və möhtacları kənarından qovma, yüksək səslə onlarla danışma, onların başına qışqırma, onlarla qaba davranma! (4). Necə ki, möhtac şəxslərlə düzgün davranmağın qaydası barədə “Bəqərə” surəsinin 263-cü ayəsində belə buyurulur:   قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّنْ صَدَقَةٍ يَتْبَعُهَا أَذًى وَاللَّهُ غَنِىٌّ حَلِيمٌ   “(MÖHTAC ŞƏXSLƏRƏ) XOŞ BİR SÖZ VƏ (ONLARIN İSRAR VƏ KOBUDLUQLARINI) BAĞIŞLAMAQ, ARXASINCA ƏZİYYƏT OLAN SƏDƏQƏDƏN DAHA YAXŞIDIR. ALLAH EHTİYACSIZ VƏ HƏLİMDİR”.   Deməli, əgər insanın köməyə gücü yetmirsə və ya hər hansı səbəbdən infaq etməyə meyilli deyilsə, möhtaclara xoş cavab verməlidir. Əgər onun maddi ehtiyaclarını qarşılamaq əzmində deyiliksə, onun şəxsiyyətini zədələyib və abrını aparmaq hüququna malik deyilik.   İmam Həsən Müctəbanın (ə) həyat yolunda infaq və yardımın nümunələri   Bu əxlaqi dəyərlərə riayət məsum imamların (ə) həyat yolunda aydın şəkildə gəlmişdir. O cümlədən, məşhur “İmam Həsən Müctəba (ə) və yoxsul” əhvalatına işarə etmək olar: O şəxs İmam Həsən Müctəbanın (ə) qapısı döydü və o həzrətə müraciətlə dedi:   لَمْ يَبْقَ لى‏ شَىْ‏ءٌ يُباعُ بِدِرْهَمٍ‏ يَكْفيكَ مَنْظَرُ حالَتى‏ عَنْ مُخْبِرى‏ الّا بَقايا ماءُ وَجْهى‏ صُنْتُهُ‏ الّا يُباعَ وَقَدْ وَجَدْتُكَ مُشْتَرى.   “(EY ALLAH RƏSULUNUN ÖVLADI!) BİR ŞEYİM QALMAYIB Kİ, ONU BİR DİRHƏMƏ SATIM. ÜZÜM VƏ ZAHİRİ GÖRÜNÜŞÜM SÖZÜMÜ TƏSDİQ EDİR, SÖZÜMÜN DOĞRULUĞUNA ŞAHİDLİK EDİR. ƏLBƏTTƏ, QORUYUB SAXLADIĞIM BİR AZ ABRIM QALIB (VƏ ONA MÜNASİB MÜŞTƏRİ AXTARIRAM). SƏNİ MÜNASİB MÜŞTƏRİ GÖRDÜYÜM ÜÇÜN ONU DA, SƏNƏ TƏQDİM ETDİM!”   İmam Həsən (ə) öz xəzinədarını çağırıb ondan soruşdu: Yanında nə qədər pul var? Dedi: On iki min dirhəm. İmam (ə) buyurdu: Hamısını bu yoxsula ver! Sonra yoxsul şəxsi çağırıb üzrxahlıq etdi və buyurdu: Biz sənin haqqını ödəmədik, lakin olanımızı sənə verdik.” Sonra bu şeiri onun şeirinə cavab olaraq buyurdu:   “خُذِ الْقَليلَ وَ كُنْ كَأَنَّكَ لَمْ تَبِعْ‏ ما صُنْتَهُ وَ كَأَنَّنا لَمْ نَشْتَرِ” (5)   “BU AZ PAYI GÖTÜR, SANKİ BİR ŞEY SATMAMISAN, BİZ DƏ BİR ŞEY ALMAMIŞIQ (YƏNİ ABRIN QALSIN DEYƏ, ÜZÜNƏ BAXMIRAM).   Bu davranış tərzi infaq və xeyriyyəçilik qaydalarına ən ali riayət, yoxsullara yardımın ən gözəl formasıdır. Deməli, ya insan yoxsula kömək etməyib, mülayim və xoş sözlə ondan üzr diləməli, ya da yardım edib savab qazandıqdan sonra bu yaxşılığı qoruyur, yəni əziyyət və minnətlə onu xarab etmir: “لَاتُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى”. (6), (7).   İmam Həsənin (ə) həyat yolunda kəramət nümunələri Ayətullah Məkarim Şirazi, İmam Müctəbanın (ə) ictimai rəftarında əsl kəramətin mahiyyətini bəyan edərkən, buyurdu: Əhli-beytin kərimi kimi tanınan İmam Həsən Müctəba (ə) “kərim”in mənasını soruşan şəxsin cavabında buyurdu:    “الْابْتِداءُ بِالْعَطِيَّةِ قَبْلَ الْمَسْأَلَةِ” – “Tələbdən öncə yardım edəndir” (8). Kərəm sahibi bir şəxsdə ehtiyac əlamətlərini gördüyü zaman ağız açıb, kömək dilənməsinə fürsət vermir. Möhtac şəxs yardım tələb etməmişdən onun ehtiyacını ödəyir. Bu iş çox əhəmiyyətlidir, baxmayaraq ki, kömək istənildikdən sonra da yardım dəyərli bir işdir. Allahın, mələklərin və peyğəmbərlərin kərim olduğunu nəzərə alsaq, Kərim Allahın lütf və kərəminə layiq olmağımız üçün bizim də kərəm göstərməyimiz yaxşıdır. “وَ اطْعامُ الطَّعامِ فِى الْمَحَلِ” – “Yerində yeməklə təmin edən kəsdir” (9). Bu cümlənin iki mənası var: Birincisi, lazım olan yerdə, həqiqətən yeməyə ehtiyac duyulan məqamda bu işi görməlidir, yəni süfrəsinə yalnız sərvət sahiblərini dəvət etməməlidir. Necə ki, müsəlmanların rəhbəri həzrət Əli (ə) öz valisi Osman ibn Hüneyfə bu işinə görə etiraz etmişdi. Bu ehtimala əsasən, möhtaclara yemək vermək, acların qarnını doyurmaq kərim şəxsin xüsusiyyətlərindəndir (10).   İkincisi, bugün adət halını alan şeyin (camaat qonaqlığın tələblərindən irəli gələn yığışdırmaq, süfrə açmaq və yumaq kimi zəhmətlərə qatlaşmamaq üçün öz qonaqlıqlarını evdən kənarda, restoranlarda edirlər) əksinə olaraq, İmam (ə) buyurur: Kərim, öz mənzilində süfrə açandır və bu iş ehsan verən şəxsin evinin bərəkətinin artmasına, bəlaların, xoşagəlməz hadisələrin və xəstəliklərin evdən kənarlaşmasına səbəb olur (11). Əlbəttə, İmam Həsən Müctəbanın (ə) hədisində qeyd edilən, kərimin bir çox nümunələrindən yalnız ikisidir və kərimlik sifəti bu ikisində xülasə olunmur. Ona görə ki, kərimlik sifətinin gerçəkləşməsi üçün hədislərdə bir çox nümunələr gözə dəyir (12).   Ən kiçik xidmət – ən böyük nemət Ən kiçik xidmətə ən böyük nemətlə cavab vermək böyük din rəhbərlərinin həyatlarında çox gözə dəyir. Bir neçə nümunəyə işarə edirik: Səfərlərin birində İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah ibn Cəfər qafilədən geri qaldıqları üçün səhrada susayırlar. Uzaqdan bir xeymə görürlər. Oraya çatdıqda, kimsəsiz qoca bir qarı ilə rastlaşırlar. Qarı onlara su verir, yemələri üçün qoyun bişirir. Onlar qarıya deyirlər ki, əgər Mədinəyə gəlsən bizə bir baş çək, bəlkə məhəbbətinin bir miqdarını qarşılaya bildik. Necə olursa, Mədinə ətrafı səhralarda quraqlıq yaranır və səhrada yaşayanlar şəhərə hücum çəkərək, onlardan yardım diləyir. Bir gün İmam Həsən (ə) həmin qoca qarını görür. Görür ki, o Mədinə küçələrində insanlardan yardım diləyir. Həzrət (ə) ondan soruşur: Yadındadırmı, mən, qardaşım və əmim oğlu səhrada sənə qonaq olduq və sən bizə ən üstün yardım etdin. Qarının yadına bir şey gəlmədi, amma İmam (ə) buyurdu: Sən utunsan da, bu mənim yadımdadır. Ona çoxlu pul və qoyun bağışladıqdan sonra qardaşı İmam Hüseynin (ə) yanına göndərdi. Öz növbəsində o həzrət də qarıya bəxşişlər verdi. Sonra Abdullah ibn Cəfərin yanına yola saldı. O da, qarıya yardım edəndən sonra həmin qadın ən varlı şəxslərdən birinə çevrildi (13), (14).   Son söz: Din böyüklərinə qarşı ədəb nümayiş etdirmək, məsumların lütfünə təvəssül etmək yaxşı iş olsa da, yetərli deyil. Həm də onların işlərindən, rəftarından dərs almaq, möhtaclara, ətrafdakılara, qohumlara, dostlara, tanışlara və qonşulara yardım etmək lazımdır. İmkanı olanlar günahsız məhbusların, bilməyərəkdən avtomobil qəzası törədənlərin, müflislərin, xəstələrin, yaşlıların, ehtiyaclı tələbələrin, cehizə möhtac qızların və bunların timsalında bütün möhtacların əlindən tutsunlar. Allahın izni ilə, Allah-taala da, yaxşı əməldən başqa heç nə insanın dərdinə dəyməyəcəyi bir gündə bizim əlimizdən tutsun (15).   Araşdırma; hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi Ayətullah Məkarim Şirazinin təfsir dərsləri; mübarək ramazan ayının 15-ci günü, 2011 Ayətullah Məkarim Şirazinin təfsir dərsləri; mübarək ramazan ayının 15-ci günü, 2011 “Ən üstün bəndələr”, səh. 122 “Quranın mənadolu andları”, səh. 417 “Müntəhəl-amal”, c. 1, səh. 162 “Bəqərə” surəsi, 264-cü ayə. “Quranın mənadolu andları”, səh. 417 “Quranın mənadolu andları”, səh. 373 “Mizanul-hikmə”, c. 9, “kaf” hərfi, 3470-ci fəsil, hədis: 17494 “Quranın mənadolu andları”, səh. 373 “Quranın mənadolu  andları”, səh. 374 “Mizanul-hikmə”, c. 9, “kaf” hərfi, 3470-ci fəsil, hədis: 17494 “Quranda əxlaq”, c. 3, səh. 94 “Məsumların (ə) sözləri”, c. 2, səh. 202 “Dostların hekayəsi”; Ayətullah Məkarim Şirazinin təfsir dərsləri, səh. 107-108

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) mövlud günü

Hicrətin 3-cü ili mübarək Ramazan ayının 15-ci gecəsində müsəlmanların 2-ci imamı İmam Həsən ibn Əli (ə) Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır. Dünyaya gəldikdən 7 gün sonra anası Həzrəti Fatimə (s.ə) İmam Həsəni (ə) ipək parçaya bükərək Allah Rəsulunun (s) yanına aparır. Bu ipək parçanı vəhy mələyi Cəbrail (ə) cənnətdən Peyğəmbərimiz (s) üçün gətirmişdi. Həzrət Peyğəmbər (s) uşağın adını Həsən qoydu və onun üçün əqiqə olaraq bir qoyun kəsdi. (Deyerler) Allahım, bizlərə İmam Həsənin (ə) layiqli ardıcıllarından olmaq tofiqatını nəsib et!

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) həyatı

İkinci imam Həsən Müctəba (ə)-dır. İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: “Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: “Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.” Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə doğulmuşdur. O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında olmuşdur. İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü. İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi. İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi. Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: “Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar.” (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.) Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin öz atasından sonra imam olacağı barədə çoxlu hədislər nəql olunmuşdur.

İmam Hüseyn (ə) 16.01.2025

İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla

İmam Hüseyn (ə) Əhli-Beytin (ə) beşinci üzvü və müsəlmanların üçüncü İmamıdır ki, Peyğəmbərə (s) sima və sünnət baxımından ən çox bənzəyən insan olmuşdur. Gecələri Həzrətin (ə) ətrafında xüsusi nur peyda olardı ki, insanlar onu gecə vaxtı bu nurla tanıyardılar. Həzrətin (ə) həyatı boyu etdiyi çox sayda kəramətlər vardır ki, onlardan bəzisinə işarə edək. Raşid ibni Yəzid nəql edir: “Məkkədən Kufənin yaxınlığına qədər İmam Hüseynlə (ə) birlikdə idim. (Yolda gedən zaman) gördüm ki, sancan vəhşi heyvan ona üzünü çevirdi və onunla söhbət etdi. Həzrət (ə) ona tərəf üzünü çevirib dayandı və o heyvanla uzun söhbət etdi”. Kəsir ibni Şazan nəql edir: “İmam Hüseynin (ə) xidmətində idim ki, oğlu Əli Əkbər ondan üzüm istədi. Həzrət (ə) əlini məscidin divarına vurdu, (oradan) üzüm və banan çıxartdı və ona yedizdirdi”. (Tebyan) İmam Sadiq (ə) hədislərin birində nəql edir: “İmam Hüseyn (ə) səfər edən zaman qurumuş xurma ağacının altında dayanır. Dua edir və ağac yaşıllaşır. Yarpağı və xurması meydana gəlir. Ağacın üstünə çıxıb, kifayət qədər ondan yedilər”. Ərəblərdən biri İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Dəvəmi itirmişəm və ondan başqa dəvəm yoxdur. Atan itən dəvələri tapırdı”. İmam (ə) buyurur: “Filan məkana get, dəvəni görəcəksən. Dayanmışdır və qarşısında da qara canavar vardır”. Ərəb həmin tərəfə gedir və qayıdır. İmama (ə) deyir: “Dəvəmi həmin yerdə tapdım”. Həbabə nəql edir: “Mən İmam Hüseyni (ə) görməyə getmişdim və gözümün ətrafında yara çıxmışdı. Bu hal məni narahat edirdi. Ona görə də bir neçə gün Həzrəti (ə) görməyə gəlməmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Həbabə! Niyə mənim yanıma gəlmirsən?”. Səbəbini dedim və Həzrət (ə) mübarək ağız suyundan götürüb, yaranın üstünə sürtdü və buyurdu: “Ey Həbabə! Allaha şükür et ki, o səbəbi səndən uzaqlaşdırdı”. Səcdəyə düşdüm. Və mənə buyurdu: “Ey Həbabə! Başını qaldır və aynaya bax”. Başımı qaldırdım və (yaradan) heç bir əsər görmədim. Allaha şükür etdim”.   /Deyerler.org/

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) səxavətindən üç nümunə

Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın 1. Bir nəfər imam Həsən (ə) hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın. Həzrət xidmətçisini çağırıb, ondan yanında nə qədər pul var – deyə soruşdu. Xidmətçi dedi: Әlli min dirhəm. İmam Həsən (ə) buyurdu: “O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın”. 2. Bir gün imam Həsən (ə) məsciddə ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey mehriban və bağışlayan Allah! Bu neməti mənə nəsib et! Bunu eşidən imam Həsən (ə) evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi. 3. İmam Həsənin (ə) gənclik dövrlərində kasıb bir kişi onun yanına gəlib kömək istədi. Həmin vaxt həzrətin yanında pulu yox idi. İmam Həsən (ə) kişiyə buyurdu: – Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan? – Hara? – Bu gün xəlifənin qızı rəhmətə getmişdir, xəlifə qızına əza saxlayır. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan. – Xəlifəyə necə başsağlığı verim? – Xəlifənin yanına gedib belə de: “Həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı”. Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu, atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun bir pənahı olmasın və həyası getsin. Kasıb kişi imamın dediyi kimi də etdi. Bu söz xəlifənin hislərini coşdurdu və onun kədərini, qəm-qüssəsini azaltdı. Xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən olub?” Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən ibn Əli (ə) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən, o, fəsahətli və şirin sözlər mənbəyidir”. Sonra xəlifə əmr etdi ki, kişiyə çoxlu pul bəxşiş versinlər.

İmam Hüseyn (ə) 15.01.2025

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:  “1). “Həl min nasirin yənsuruni”… Mənə bu zalim qövmə qələbə çalmaq üçün bir kömək edən varmı?. 2). “Həl min muinin yuinini”… Mənə bu zalim qövm qarşısında müqavimət göstərmək üçün bir kömək edən varmı?. 3). “Həl min zabbin yəzubbu ən hərəmi rəsulillah”… (Nə qələbəyə və nə də müdafiə və müqavimətə kömək edən olmadı və İmam (ə) buyurdu:) Allah Rəsulunun (ə) ailəsini qorumaq istəyən varmı?”…. Amma təəssüflər ki, bu üç sorğunun heç birinə cavab verən olmadı.

İmam Həsən (ə) 15.01.2025

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?! . Peyğəmbərin (s) düşmənləri tərəfindən imam Hüseynin (ə) Kərbəla hərəkatına qarşı yayılan azdırıcı şübhələrdən biri də o həzrətin qatillərinin şiələr olduğu ilə bağlıdır. Burada həmin şübhəyə qısa şəkildə cavab veririk. . 1- Bu şübhəni yayanlar “şiə” sözünün mənasından xəbərsizdir. . Birinci məsələ kimlərin “şiə” olması məsələsidir. Şiə, yəni “Allaha, Peyğəmbərə (s), Fatimeyi-Zəhraya (ə) və on iki İmama (ə) itaət edən şəxs.” Qurani-kərim Nisa surəsinin 54-cü ayəsində buyurur: أَمْ يحَسُدُونَ النَّاسَ عَلىَ‏ مَا ءَاتَئهُمُ اللَّهُ مِن فَضْلِهِ فَقَدْ ءَاتَيْنَا ءَالَ إِبْرَاهِيمَ الْكِتَابَ وَ الحْكْمَةَ وَ ءَاتَيْنَاهُم مُّلْكا عَظِيمًا “Bununla belə, onlar Allahın insanlara (Peyğəmbərə və əhli-beytə) Öz fəzlindən verdiyi şeylərə (üstünlüklərə) görə paxıllıq edirlər. Halbuki biz bundan əvvəl İbrahimin özladlarına da (İlahi) kitab, hikmət (risalət) vermişdik, eləcə də onlara əzəmətli mülk bəxş etmişdik.” Bu ayənin təfsiri ilə əlaqədar nəql edilmiş bir hədisdə imam Məhəmməd Baqir əleyhissalamdan bu ayə barəsində soruşulduqda o həzrət buyurur: “Bu ayədə barəsində paxıllıq edilənlər bizik… Kitab Qurani-kərim, hikmət isə risalətdir. Necə olur ki, insanlar Ali İbrahimi qəbul edir, ancaq Ali Muhəmmədi inkar edirlər?!… “Əzəmətli mülk” isə budur ki,Allah həzrət Muhəmmədin (s) nəslindən İmamlar qərar vermişdir. İmamlara itaət edən Allaha itaət edir, İmamlara asi olan (onlara qarşı çıxan) isə Allaha üsyan etmişdir.” Bax: əl-Burhan təfsiri 2-ci cild 93-cü səhifə. Bir şəxs əgər İmama tabe deyilsə, deməli o şiə deyil. Şiə, tabeçilik və itaətlə müşayiət olunun tərəfdarlıqdır. Necə ki, Qurani-kərim Saffat surəsinin 83-cü ayəsində buyurur: وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيمَ “Onun şiələrindən biri də İbrahim (peyğəmbər) idi.” Gördüyünüz kimi Qurani-kərim buyurur ki, həzrət İbrahim şiə idi. Qurani-kərimin zahirinə əsasən İbrahim həzrət Huh peyğımbərin şiəsi idi. Deməli, İmam Hüseyn əleyhissalamın qarşısında dayanıb onu öldürmək, qızlarını əsir götürmək, malik olduqları şeyləri qənimət kimi ələ keçirmək istəyənlər şiə ola bilməzlər. Şiə, imam Hüseyn əleyhissalamın yanında olanlardırlar, onun əleyhinə olanlar yox. . 2- İmam Hüseyn əleyhissalamın qatilləri və o həzrətin qarşısında durmuş Yezid ordusu Ali-Əbu Sufyanın (Müaviyənin nəslinin) şiələri idilər. . İmam Hüseyn əleyhissalam aşura günü üzünü otuz min nəfərlik düşmən ordusuna tutub fəryad edərək buyurur: فَصَاحَ‏ وَیْلَکُمْ یَا شِیعَةَ آلِ أَبِی سُفْیَانَ إِنْ لَمْ یَکُنْ لَکُمْ دِینٌ وَ کُنْتُمْ لَا تَخَافُونَ الْمَعَادَ فَکُونُوا أَحْرَاراً فِی دُنْیَاکُم‏ “Vay olsun sizə, ey Əbu-Sufyanın nəslinin şiələri! Əgər dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, elə isə dünyanızda azad (insan) olun.” Ləvaicul əşcan 185-ci səhifə . 3- Əhli sünnə yalnız İmam Hüseyn əleyhissalamın dostlarını şiə sayırlar. . Ömər Sədin qoşünunda olan Üzrə adlı şəxs Züheyr ibn Qini (imam Hüseyn əleyhissalamın dostunu) səsləyərək dedi: یا زهیر ما کنت عندنا من شیعه اهل هذا البیت انما کنت عثمانیا “… ey Züheyr, sən bizim yanımızda olduğun vaxtlar bu əhli-beytin şiəsi deyildin axı, sən osmanın (şiəsi) idin.” Tarixi Təbəri 4-cü cild 316-cı səhifə . 4- Kufədə şiələr azlıq təşkil edirdilər. . Kufə şəhəri heç də çoxlarının düşündüyü kimi şiə şəhəri deyildi. Tarixi sənədlərə əsasən Kufənin 150.000 –dən 200.000-ə qədər əhalisi vardı ki, onların 15.000 –i yaxud 20.000 –i şiə idi. İmam Həsən əleyhissalamın sülhündən sonra Müaviyə Kufəyə sahib olu və qisaslara başladı. Yüzlərə şiəni öldürdü, 5.000-ə yaxın şiə şəhərdən çıxıb başqa yerlərə üz tutdu. Bundan əlavə Kufənin valisi Ubeydullah ibn Ziyad şiələrin imam Hüseyn əleyhissalama kömək edəcəklərini düşünərək 4000-ə yaxın şiəni həbs edərək zindana salmışdı… Kufənin əhalisinin əksəriyyəti ikici xəlifənin tərəfdarları idi. Belə ki, əhli sünnənin dahi alimlərindən olmuş və Nəhcül-bəlağəyə şərh yazmış İbn Əbil Hədid yazır: “İmam Əli əleyhissalam Kufə əhalisinə Ramazan ayında təravih namazını fərdi şəkildə qıldıra bilmədi, onlara “Allahın Rəsulu (s) müstəhəbbi namazları camaatla qılmağı qadağan edib” deməsinə baxmayaraq, məsciddəki insanlar “təravih namazını camaatla qılmaq ikinci xəlifənin sünnəsidir” dedilər.” Şərhu nəhcul bəlağə 12-ci cild 283-cü səhifə . 5- Kufə qoşunundakıların çoxu Osmanın tərəfdarları idilər. . Məhərrəm ayının 7-si Yezidin ordusu İbn Ziyadın göstərişi ilə suyun (fərat çayının) qarşısını kəsəndə imam Hüseyn əleyhissalamın dostu Bureyr onlara dedi: و هذه ماء الفرات تقع فیه خنازیر السواد و کلابه قد حیل بینه و بین ابن رسول الله “… bu fərat çayından çirkli donuzlar və itlər asanlıqla su içirlər, halbuki siz bu çay ilə Allahın Peyğəmbərinin (s) övladı arasında maneə yaratmısınız.” Onlar Bureyrə dedilər: یا بریر قد اکثرت الکلام فاکفف والله لیعطش الحسین کما عطش من کان فیه یعنی عثمان “Ey Bureyr, nə çox danışdın, kəs səsini. And olsun Allaha, Hüseyn susuz qalacaq, necə ki, ondan əvvəlki, yəni Osman susuz qalmışdı.” . 6- Kufəlilərin imam Hüseyn əleyhissalama makrub yazmaqları onları şiəliklərinə dəlil deyil. . O məktubu yazanların biri Şəbəs ibn Rəbi idi. Ümumiyyətlə çoxları elə bilirdilər ki, imam Hüseyn əleyhissalam Kufəyə gəlib başçılıq edəcək və Yezidin hakimiyyətini devirib özü xəlifə olacaq. Ona görə də əvvəlcədən bunlar özlərini yaxşı etmək və gələcəkdə məqama sahib olmaq üçün imam Hüseyn əleyhissalama məktub yazdılar. . 7- İndiyə qədər heç bir tarix kitabı Yezidin ordusunun sərkərdə və komandirlərindən kiminsə şiə olduğunu yazmayıb. . İbn Ziyad, Ömər Səd, Şəbəs ibn Rəbi, Həsin ibn Nəmir, Şimr ibn Zillcövşən və sair sərkərdə və komandirlərin heç birini şiəliyə nisbət verən olmayıb. Heç bir sənəddə bunları hansınasa şiə ya rafizi deyə yazılmış bir şey yoxdur. Şiə sözünün xüsusi mənası, yəni həqiqi şiə Əhli-beyti (ə) sevmək və onların düşmənləri ilə düşmənçilik etməkdir. İmam Əli ən-Nəqi əleyhissalamdan nəql edilmiş “Camieyi-Kəbirə” ziyarətnaməsində oxuyuruq: انی محقق لما حققتم و مبطل لما ابطلتم “Sizin haqq saydıqlarınızı mən də haqq sayıram, sizin batil hesab etdiklərinizi mən də batil hesab edirəm.” Belə bir əqidəyə malik olan şəxs Ömər Sədin qoşununda olmayıb. Şiə sözünün ümumi mənada izahı isə budur: “Onlar Əhli-beyti sevir, amma əhli-beytin (ə) düşmənlərini də ya sevir ya da sevməsə də düşmən də deyillər.” Hətta nə qədər qeyri-müsəlmanlar var ki, əhli- beytin (ə) aşiqi olmuşlar, amma əhli-beytə (ə) itaət etməyiblər, onların imamətini qəbul etməyiblər və onların düşmənləri ilə düşmənçilik etməyiblər.   Rza Əzizoğlu İrəvani

İmam Həsən (ə) 15.01.2025

İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər

Hər bir şəxsin insanlığının göstəricisi onun elmi, məqamı və sərvəti deyil, əksinə gözəl əxlaqı və mərifətidir. Ona görə də əxlaqi dəyərlərə yiyələnmək hər şeydən mühümdür, çünki bəşər cəmiyyətinin ən çox ehtiyaclı olduğu mövzu gözəl əxlaqdır. Ona görədir ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz İlahi rəsalətinin (insanları hidayət etmək missiyasının) əsasının əxlaqi kəramətlərin, yəni gözəl əxlaqi xasiyyətlərin tamamlanmasından ibarət olduğunu bildirib. Peyğəmbərimizin (s) müqəddəs yolunun davamçıları olan ismət və paklıq rəmzi Əhli-beyt (onların hamısına Allahın salamı olsun) gözəl əxlaqi sifətlərə yiyələnmiş, üstəlik əxlaqı insanlar arasında yaymaq üçün Allah tərəfindən vəzifələnmişlər. Onlar insanları dəvət etdikləri bütün gözəl sifət və xüsusiyyətlərə malik olduqları üçün insanlara daha çox təsir edə bilmiş, insanlar tərəfindən sevilmişlər. Dövrümüzdə bir çox insanları görürük ki, özləri malik olmadıqları əxlaq və ədəbi başqalarına öyrətmək əzmindədirlər. İmam Həsən Müctəba əleyhissalam da İlahi nümunələrdən biridir. O həzrət bütün sahələrdə, xüsusilə də böyük əxlaqa və ən gözəl əxlaqi-mənəvi sifətlərə sahib olmuşdur. O həzrətin həyatını araşdırdıqda görürük ki, imam Həsənin (ə) həyat üslubu və davranış tərzi bütün gözəl əxlaqi dəyərlərin təzahürüdür. Əxlaqi dəyər və fəzilətlərin əhatəsi çox genişdir, əgər ədəbləri də üzə çıxarsaq onları sayıb qurtara bilmərik. Bununla belə əxlaqi xüsusiyyətlərin bəziləri başqalarından daha mühüm, başqa sözlə bütün əxlaqi fəzilətlərin anası və əsasıdır. İmam Həsən əleyhissalam əxlaqi kəramətlərin əsasının 10 sifət olduğunu bildirir, belə ki, bu 10 əxlaqi üstünlüklərə yiyələnən insanı əxlaqlı insan adlandrmaq olar. Bu 10 xasiyyət hər bir şəxsin qəlbinə hopmalı, onun canında xasiyyət və təbiətinə çevrilməlidir. Hərçənd bu 10 xasiyyəyin hər birinə yiyələnmək özü bir hünər və dəyərdir. İnsanı kamil əxlaqlı şəxs kimi tanıtdıra biləcək xüsusiyyətlər bu 10 əxlaqi sifətlərin toplusudur. İmam Həsənin (ə) əxlaq dairəsində qeyd etdiyi 10 üsul əsasən ictimai davranış məsələlərinə aid olan işlərdəndir. İndi isə həmin hədisə nəzər salaq; İmam Həsən Müctəba əleyhissalam buyurur: مكارم الأخلاق عشر : صدق اللسان و صدق الباس و اعطاء السائل و حسن الخلق و المكافاة بالصنائع و صلة الرحم و و التذمم على الجار و معرفة الحق للصاحب و قرى الضيف و رأسهن الحياء “Ən gözəl əxlaq ondur: Düz danışmaq, düzlük, ehtiyaclıya yardım etmək, xoş xasiyyət, yaxşı işlərə görə mükafatlandırmaq, sileyi-rəhm, qonşunu himayə etmək, dost üçün haqqı tanımaq, qonaqpərvərlik və bunların hamısının başı olan Həya. Tarixi Yəqubi 2-ci cild 157-ci səhifə . Hədisin şərhi: 1- Düz danışmaq. Hər bir insan əgər düz danışmağın möcüzəvi təsirlərini görərsə “düz danışmaq” xüsusiyyətinin vurğunu olacaq, düz danışmağı özünün həyat proqramının ayrılmaz bir hissəsi biləcəkdir. Düz danışmağın insana bəxş etdiyi birinci təsir və fayda ictimai həmkarlıqlarda, ümumiyyətlə cəmiyyət içində insanların etimad və inamını qazanmaqdır. İnsanın ictimai varlıq olduğunu və onun tək yaşamasının mümkünsüzlüyünü, həmçinin insanlarla ünsiyyətə ehtiyaclı olduğunu nəzərə aldıqda insanların inam və etimadlarını qazana bilməyin nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Bu inamı qazanmağın yolu isə “düz danışmaq” xüsusiyyətidir. . 2- Çətinlik və çarəsizlik zamanı düzlük Təbiidir ki, əmin-amanlıq və qüdrətə malik olan insan düzlük və sədaqətə meyilli olur, əyrilik və yalançılıqdan çəkinir. Düzlük və mərdlik həmin insanda o zaman əxlaqi xüsusiyyətdən olar ki, çətinlik, çarəsizlik və sıxıntı zamanı da düzlüyünü qoruya bilsin. Bir çox insanlar çətinlik zamanında, məsələn, cəzadan yayınmaq üçün, ya özünü müdafiə edə bilməyəndə, ya layiq olmadığı mənfəət və qazancı əldə etmək üçün əyrilik və yalana əl atırlar. Deməli, insanın düzlük və sədaqətinin göstəricisi onun çətinlik və çarəsizlik zamanındakı mövqeyi zamanı bəlli olur. . 3- Ehtiyaclı insana yardım etmək Qurani-kərim Məaric surəsinin 24 və 25-ci ayələrində buyurur: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır. Dil ilə istəyən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün.” Tarix boyu insanların icra etməkdə çətinlik çəkdikləri mövzu ehtiyaclı insanlara yardım etmək olmuşdur. Xüsusilə də insan qarşı tərəfin (ehtiyaclı insanın) şəxsi vəziyyətindən xəbərsiz olduğu zaman həmin şəxsə yardım etməyə daha çox çətinlik çəkir. Şeytan müxtəlif vəsvəsələri onun qəlbində və zehnində dolandıraraq ehtiyaclı insanlara əl tutmamağa vadar edir. İmam Həsənin (ə) bu hədisində “Ehtiyaclı insana yardım etmək” əxlaqi xüsusiyyətdən sayılır, çünki ehtiyaclı insanın özü hansı vəziyyətə malik olmasının aşkar dəlilidir. Ehtiyaclı insanın öz yoxsulluğuna etiraf etməsi, xüsusilə də o, imanlı və əxlaqlı olduğu zaman, ona yardım etmək böyük hünər və fəzilətdir. Əlbəttə, insanlar həmişə iman və əxlaqa malik olan ehtiyaclı insanları tanımalı, onlara yardımlarını əsirgəməməlidirlər. . 4- Xoş rəftar Əxlaqın ən bəlkə də ən çox cilvələndiricisi xoş üzlü və xoş xasiyyətli olmaqdır. Xoş xasiyyətli insan başqalarının malına və sərvətinə şərikdir. Çünki başqalarını özünə cəlb etdirmək və onların sevgisini qazanmağın ən yaxşı yolu xoş xasiyyətli olmaqdır. . 5- Görülən işləri mükafatlandırmaq Hər bir şəxs etdiyi yaxşı işlərə görə başqaları tərəfindən təşviq olunmasını və mükafatlandırılmasını istəyir. Başqalarının yaxşı işlərini dəyərləndirmək və onlara əhəmiyyət vermək gözəl əxlaqi xüsusiyyətlərdən sayılır. İnsan başqalarının yaxşı işlərini, hətta o işlər kiçik olsalar belə, dəyərsiz cilvələndirə bilməz, ən azı dili ilə onu mükafatlandırmalı, yəni alqışlamalıdır. Bu məsələ təkcə insanın özü üçün edilən yaxşı işlərlə məhdudlaşmır, üstəlik cəmiyyətdə hər bir kəsin başqaları üçün etdiyi yaxşı işlər hamı tərəfindən qiymətləndirilməlidir. Bu gözəl əxlaqi sifətin əsası Allaha məxsusdur. Belə ki, Allah Taala insanların yaxşı işlərinə görə onlara çoxlu mükafatlar verir, halbuki insanların yaxşı işlərinin Allaha zərrə qədər xeyiri yoxdur. . 6- Sileyi-rəhm, qohumlarla əlaqə və ünsiyyət Sileyi rəhm, yəni qohumlar və yaxınlarla əlaqə və ünsiyyət ən üstün əxlaqi dəyərlərdəndir, amma sileyi-rəhm təkcə əxlaqi məsələlərdə məhdudlaşmır, çünki iman qohumluğu və əqidə qardaşlığı bir çox cəhətdən qan qohumluğundan daha güclüdür. Ümməti yaradan qan və soy deyil, əqidə və etiqaddır. Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır. . 7- Qonşunu himayə etmək İnsanın ən çox ünsiyyətdə olduğu şəxslərdən biri də onun qonşularıdır. Odur ki, qonşuluq haqql İslamın ən çox önəm verdiyi haqlardandır. Qonşünü himayə etmək, yəni qonşuya havadarlıq və qayğı göstərmək ən gözəl əxlaqi xüsusiyyətlərdəndir. Əxlaq insandan tələb edir ki, qonşunu hər bir cəhətdən –can, mal, abır və ilaxır- himayə etsin, qonşuya qarşı zülm və haqsızlığa imkan verməsin, onu müdafiə etsin. Axirətə qalan həmin işlərdir. . 8- Dostu ilə əlaqədar olan haqqı tanımaq Dost o şəxsdir ki, insana rahatlıq və dinclik bəxş etsin, ona cənnət və cəhənnəmi tanıtdırsın. Çünki dostlar qarşılıqlı təsirlərə malikdirlər, onların arasında əqidə, rəftar və xasiyyət cəhətindən uyğunluq yaranır. İmam Həsən əleyhissalam başqa bir hədisdə dostun haqqını öz övladına açıqlayarkən buyurur: “Oğlum, bir nəfərlə dostluq etmək istədikdə əvvəlcə onun haralara get-gəl etdiyini öyrən, onun halından yaxşı xəbərdar olduqdan sonra onun yaşayış tərzini (ünsiyyətini) bəyənsən, onunla dostluq et. Bir şərtlə ki, onunla ünsiyyətdə onun xatalarına göz yum və çətinliklər zamanı onun yanında ol.” . 9- Qonaqcıl və qonaqsevənlik Qonağı sevmək, qonağa hörmət etmək ən böyük əxlaqi dəyərlərdən olmaqdan əlavə, bütün xalqların qəbul etdiyi və tanıdığı bir dəyərdir. Şükür Allaha ki, xalqımız tarix boyu bütün dünyada qonaqpərvərliyi və qonaqsevərliyi ilə tanınmışdər. Hətta sevimli Peyğəmbərimizin (s) və məsum İmamların (ə) övladları və əqrəbası öz ölkələrində təzyiqdə olduğu zamanlarda Azərbaycana pənah gətirmişlər. . 10- Bunların hamısının başı (əsası) olan Həya İmam Həsənin (ə) həyanı bütün əxlaqi işlərin başı adlandırması ona görədir ki, həya həqiqətdə ağıl və dinin həmişəlik və ayrılmaz yoldaşıdır. Yəni həyası olmayanın dini və ağılı da yoxdur. Dini və ağılı olan şəxsin həyası da vardır. RZA ƏZİZOĞLU İRƏVANİ

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İki dünya Xanımının (s.ə) mövludu

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir. Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): “Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi”. Xanım Fatimə öz fəziləti  ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir”. “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatı

Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında gerçəkləşdirməlidir. Həmin nümunəvi insanlardan biri də Peyğəmbəri-Əkrəmin (s) sevimli qızı, xanımlar xanımı və analar anası həzrət Fatimeyi-Zəhradır (s.ə.). Bir xanım ki, bəşəriyyətə hərtərəfli örnək və nümunədr. O xanımın doğum günü Cəmadius-sani ayının 20-inə təsadüf edir. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, xanım Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatını diqqətinizə çatdırırıq. FatİMeyİ-Zəhra (salamullahİ əleyha)   Ləqəbi: Zəhra. Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar. Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm). Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha). Anadan olduğu gün: 20 Cəmadiüs-sani. Doğulduğu yer: Məkkeyi-Mükərrəmə. Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл). Şəhid olduğu gün: 3 Cəmadiüs-sani. Şəhid olduğu il: 11-ci hicri ili. Ömrü:18 il. Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər. Dəfn olunduğu yer: Mədinə. Övladlarının sayı: 4 – (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız. Oğlanları: 1. Həsən (əleyhissalam). 2. Hüseyn (əleyhissalam). Qızları: 1. Zeynəbi-Kübra. 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm) Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75