Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi, Məsum İmamların (ə) anası, nümunəvi insan

Həzrət Zəhranın (s.ə) əxlaqı hər bir insan üçün bir örnək və nümunədir. Bu, elə bir əxlaqdır ki, onunla kamil insan və şəxsiyyət yetişdirmək olar. Bir insanda təsəvvür oluna bilən bütün ən gözəl sifətlər Həzrət Zəhrada (s.ə) mövcuddur. Bu gün cavan nəsil özlərinə nümunə seçən zaman Həzrət Zəhranı (s.ə) seçsələr, onlar üçün hidayət yolunun çırağı olar. (Tebyan)   Atasının evində. Həzrət Fatimə (s.ə) elə bir insan idi ki, Həzrət Peyğəmbərin (s) buyurduğuna görə, Allahın əzəmətli nurundan xəlq olmuşdur. Həzrət Peyğəmbər (s) əziz qızını çox sevərdi və buyurardı: “Mən nə zaman behiştə müştaq oluram, Fatiməni (s.ə) öpürəm”. “Fatimə (s.ə) – mənim bədənimin bir parçasıdır”.   Həzrət Fatimə (s.ə) – nübuvvət ağacının səmərəsi və Məsum İmamların (ə) anasıdır. O zaman ki, Məkkə müşrikləri Həzrət Peyğəmbəri (s) incidir və üstünə torpaq atırlar, Həzrət Fatimə (s.ə) atasının üzünə düşmüş torpağı təmizləyir və ona sevgi göstərirdi. Ona görə də onu Ümmi-əbiha adlandırırdılar. Yəni, bu qız atasına ana kimi idi.   Aişə deyir: “Fatimə (s.ə) söz deməkdə Peyğəmbərə (s) ən çox bənzəyən insan idi. Peyğəmbərin (s) yanına gələn zaman Həzrət (s) onun əlindən tutar və öpərdi. Öz yerində əyləşdirərdi. Nə zaman Peyğəmbər (s) Fatimənin (s.ə) yanına gedərdi, Fatimə (s.ə) atasına hörmət əlaməti olaraq yerindən qalxar və Həzrətin (s) əlindən öpüb? öz yerində əyləşdirərdi”. Həyat yoldaşının evində. İmam Rza (ə) Əmirəl-möminindən (ə) nəql edir ki, buyurub: “Peyğəmbər (s) mənə buyurdu: “Ey Əli! Qureyşin bəziləri məni Fatimə (s.ə) ilə bağlı məzəmmət edib deyirlər: “Biz Fatiməni (s.ə) səndən istədik, razı olmadın. Onu Əliyə (ə) verdin”. Onlara dedim: “Allaha and olsun ki, mən onu öz nəzərimə görə Əlinin (ə) həyat yoldaşı etmədim. Allah sizin evliliyinizlə müxalif və Əlinin (ə) evliliyinə razı idi. Cəbrayil (ə) mənə nazil oldu və dedi: “Ey Muhəmməd! Həqiqətən Allah Təala buyurur: “Əgər Əlini (ə) yaratmasaydım, qızın Fatimə (s.ə) üçün yer üzündə həyat yoldaşı mövcud olmazdı. Adəmdən tutmuş ondan aşağıya qədər”””. Həzrət Fatimə (s.ə) həyat yoldaşına nəinki həmdəm, həm də sirdaş və dayaq olmuşdu. Heç bir zaman ona itaətsizlik etməz və sözündən çıxmazdı. Şikayət edib gileylənməzdi. Ağır günlərdə İmam Əliyə (ə) təskinlik verər və onun həqiqi dostu olardı. Nümunəvi ana. Həzrət Zəhra (s.ə) övlad tərbiyəsində də hər birimiz üçün nümunə ola bilər. Rəhmətlik İmam (r) onun haqqında buyurur: “O, kiçik hücrədə elə insanlar tərbiyə etdi ki, nurları yerdən kainata qədər, mələklərin aləmindən Əlayi mələkuta qədər parlayardı. Allahın salamı olsun bu hücrəyə ki, İlahi əzəmət nurunun cilvəgahı olmuşdur”. Bu nümunəvi banunun əxlaqi dəyərlərindən faydalanaq və ondan ibrət alaq. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Xanım Fatiməyi Zəhranın(sə) cənnət libası

Bir gün yəhudilər toy keçirmək qərarına gəlirlər. Onlar Peyğəmbərin(s) yanına gəlib dedilər: Biz sizin qonşularınızıq və qızınız Fatiməni toya dəvət edirik. Yəhudilər çox təkid edirdilər və onlara imtina etməməyi istəyirdilər. Allah Rəsulu(s) buyurdu: O(sə) – Əli ibn Əbu Talibin həyat yoldaşıdır( Əlidən icazə alın). Bu zaman yəhudilər Peyğəmbərdən istədilər ki, O onlarla Əli arasında vasitəçi olsun və Əlidən razılıq alsın. Yəhudilər bu toy üçün hər şeyi yüksək səviyyədə təşkil etmişdilər. Onlar düşünürdülər ki, Peyğəmbər qızı Fatimə şənliyə öz sadə libası ilə gəlib, ən gözəl libaslarını və zinətlərini geyinən yəhudi qadınlarından seçiləcək. Bu zaman Cəbrail(ə) Fatiməyə(sə) gözəllikdə heçnə ilə müqayisə olunmayan cənnət libası gətirdi. Fatimə(sə) rəngi və gözəlliyi vəsfə gəlməz dərəcədə olan libası geyindi. Qadınların məclisinə daxil olarkən yəhudi qadınları gördükləri əzəmət və gözəllikdən Fatimənin(sə) qarşısında diz çökərək, secdə edirdilər və Fatimənin(sə) gedəcəyi yerdən öpürdülər. O zaman çoxlu sayda yəhudi islamı qəbul edib müsəlman oldular. (Biharul-ənvar, cild 43, səh 30.)

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

“Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar” – Həzrət Zəhranı (s.ə) hədislərdən tanıyaq

İmam Baqir (ə) buyurur: “Fatiməyə (s.ə) itaət etmək – Allahın bütün xəlqi olan: cin, adəm, quşlar, vəhşi heyvanlar, peyğəmbərlər (ə) və mələklərə vacibdir”.   İmam Sadiq (ə) buyurur: “Hər kim Fatimənin (s.ə) həqiqi tanımasını əldə edə bilərsə, şübhəsiz ki, Qədr gecəsini də dərk etmiş olar”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qızım Fatiməni (s.ə) sevər, behiştdə mənimlə olar. Hər kim ona düşmənçilik edər, atəşdə olar”.   Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Fatimənin (s.ə) əmr etdiyi şeyə əməl et. Çünki mən ona elə şeyləri əmr etmişəm ki, Cəbrayil (ə) onlara əmr etmişdir”.   Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Fatimə (s.ə) insan cilində xəlq olmuş huridir”.   İmam Kazım (ə) buyurur: “O evdə ki, Muhəmməd, ya Əhməd, ya Əli, ya Həsən, ya Hüseyn, ya Cəfər, ya Talib, ya Abdullah, qızlar içərindən Fatimə (adını daşıyan) olarsa, yoxsulluq (ora) daxil olmaz”.   İmam Sadiq (ə) qızının adını Fatimə qoyan bir nəfərə buyurur: “İndi ki, onun adını Fatimə qoymusan, onu təhqir etmə, nifrin etmə, vurma”.   Həzrət Peyğəmbər (s) buyurur: “Fatimə (s.ə) – bədənimin bir parçası, gözümün nuru, qəlbimin meyvəsidir”. (Həvzəh)   Həzrət Peyğəmbər (s) buyurur: “Şübhəsiz ki, Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, razılığı ilə razı olur”. İmam Sadiq (ə) buyurur: “Fatimə (s.ə) əvvəldən axırıncıya qədər olan dünya qadınlarının sərvəridir”.   Həzrət Peyğəmbər (s) buyurur: “Qızım ona görə Fatimə (s.ə) adlandırılmışdır ki, Allah Təala onu sevənləri oddan qorumuşdur”.   İmam Baqir (ə) buyurur: “Allah Təala, Fatimənin (s.ə) təsbihi kimi üstün bir ibadətlə həmd və sitayiş olmamışdır”.   İmam Rza (ə) buyurur: “İlk kəs ki, ölümündən sonra onun üçün tabut düzəldilmişdir, Peyğəmbərin (s) qızı Fatimə (s.ə) olmuşdur. Allahın salamı və salavatı olsun ona, atasına, ərinə və övladlarına”.   Həzrət Peğəmbər (s) buyurur: “Nifrin olsun, nifrin olsun o kəsə ki, məndən sonra qızım Fatiməyə (s.ə) zülm edər, haqqını qəsb edər və onu öldürər”.   Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Fatiməni (s.ə) ziyarət edər, ona bənzəyir ki, məni ziyarət etmişdir”.   Həzrət Əli (ə) buyurur: “O ikisi (Həsən (ə) və Hüseyn (ə)) Muhəmməd (s) üçün başda olan iki göz kimidirlər. Mən (Muhəmməd (s) üçün) bədən üçün olan əl kimiyəm. Fatimə (s.ə) bədən üçün olan qəlb kimidir”.   Əmirəl-möminin (ə) buyurur: “Mən – Bətulun (s.ə) həyat yoldaşıyam, həmən o kəsin ki, iki dünya qadınlarının sərvəridir”.   Həzrət Peyğəmbər (s) buyurur: “Mən – günəşəm, Əli (ə) – Aydır, Fatimə (s.ə) – Zöhrə ulduzudur, Həsən (ə) və Hüseyn (ə) isə iki nur saçan ulduzdur”.   Həzrət Peyğəmbər (s) buyurur: “Ey Səlman! Həqiqətən Allah Fatimənin (s.ə) qəlb və əzasını sümüklərinə qədər tam iman və yəqinliklə xəlq etmişdir”.   İmam Kazım (ə) buyurur: “Fatimə (s.ə) çox düz danışan xanım idi ki, onu şəhid etdilər”.   /Deyerler.org/          

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Əyyami-Fatimə (s.ə) əzadarlıqlarının hikməti

Kainatın ən şərəfli insanı olan Həzrət Muhəmməd (s) ömrünün son anlarında İmam Əliyə (ə) xitab edərək, buyurmuşdu: “Ey Əli! Bil ki, mən o kəsdən razıyam ki, qızım Fatimə (s.ə) ondan razıdır. Mənim Allahım və mələkləri də həmin şəxsdən razı olar. Ey Əli! Vay olsun o kəsə ki, ona zülm edər. Vay olsun o kəsə ki, onun haqqını tapdalayar. Vay olsun o kəsə ki, onun hörmətini aradan aparar. Vay olsun o kəsə ki, evinin qapısını yandırar”. Bəli, Əyyami-Fatimə (s.ə) daxil olur və hər birimiz bu ağır hadisəni yada salan zaman gözlərimiz yaşla və qəhərlə dolur. Mələk qismində olan bu nəcib banu, ömrünün qısa olmasına baxmayaraq, çox işlər görmüşdür. (Tebyan) O, bütün İslam qadınları üçün örnək və nümunə olmuşdur və olacaqdır da. İki cahan xanımı olan Həzrət Fatimə (s.ə) özündən sonra çox şeyi yadigar qoyub getmişdir. Məsum İmamları (ə), Həzrət Zeynəbi (s.ə), Həzrət Ümmi-Gülsümü (s.ə), “Mushəfi Fatimə” kitabını, iffəti, izzəti, qadın şərafətini, hicabı, qeyrəti, kamala çatmağın yollarını… Saymaqla bitməz. Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) üçün əzadarlıq saxlamaq – həm ictimai və həm də fərdi təsirlərə malikdir. Əhli-Beyt (ə) məktəbinə görə, bu əzadarlıqlar gərək mərifət və agahlıq üzərindən olsun. O əzizlərlə həmdərd olmaq, onların fəzilətlərini, sünnələrini yada salmaq – insanı örnək və nümunə olan insanlara tərəf sövq edər. O insan ki, bu əza məclislərinə mərifət və agahlıqla daxil olar, ondan xaric olan zaman bu insanların əməllərini həyatında həyata keçirən fəal aşiqlərə çevrilər. Əza məclisləri cəmiyyətin dəyişməsinə səbəb olar. Çünki bu məclislərdə insanlar tərbiyə olunar və batinləri dəyişər. Bəndələr səy göstərər ki, Əhli-Beytin (ə) arzularını cəmiyyətdə həyata keçirə bilsinlər. Ona görə də deyə bilərik ki, bu əza məclislərinin hikməti – İslam dini tərəfindən təqdim olunmuş örnək üzərindən cəmiyyətin qurulmasıdır. Biz də Xanımın (s.ə) əza məclislərini bərpa edək və onun müsibətinə göz yaşı tökək. Xanımın (s.ə) fəzilətlərini, xütbələrini, nurani kəlamlarını, nəsihətlərini yada salaq və onlardan bəhrələnək. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Xanım Zəhra (s.ə), şəri məsələlərin izahının savabı barədə

Bir gün Mədinə xanımlarından biri Həzrət Zəhranın (s.ə) yanına gəlir və deyir: “Qoca bir anam vardır ki, namaz məsələlərində sualları vardır. Məni göndərmişdir ki, siz onlara cavab verəsiniz”. Xanım (s.ə) buyurur: “Soruşun”.   Həmin qadın Həzrətə çoxlu suallar verir və cavablarını alır. Ancaq sonra çoxlu sual verdiyi üçün xəcalət çəkir və susur. Üzünü Həzrətə (s.ə) çevirib deyir: “Ey Allah Rəsulunun (s) qızı! Bundan artıq sizi narahat etməyim”. Həzrət Zəhra (s.ə) buyurdu: “Hər nə qədər sualın vardırsa, soruş! De görüm, əgər bir nəfərə desələr ki, ağır bir yükü çiyninə alıb dama qaldırsın və əvəzində ona 100 min dinar muzd versələr, həmin iş onun üçün ağır olarmı?”.   Qadın deyir: “Xeyr”. Xanım (s.ə) buyurur: “Mənə hər suala görə yerlə göy arasında olan fasilə qədər cavahir verəcəklər. Ona görə də bu iş mənə çətin və ağır deyildir”. (Həvzəh)   Əlbəttə ki, Xanım (s.ə), həmin qadının başa düşdüyü tərzdə izah verir. Əslində Məsumlarımız (s.ə) yalnız Allahın razılığı üçün, heç bir mükafat gözləmədən öz mübarək işlərini görürdülər.   İmam Zaman ağa (ə) buyurur: “Allahdan qorxun və bizə təslim olun. İşlərinizi bizə tapşırın. Bizim öhdəmizdədir ki, sizi bulaqdan sirab edək. Sizi bulağa aparmaq bizim boynumuzda olduğu kimi, siz də sizdən gizli olanları kəşf etmək ardınca olmayın”.   /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü

Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s) qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən müasir dövrümüzədək gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası xanım Xədicə(s) olmuşdur. Öz merac gecələrinin birində Rəsuli-əkrəm(s)-ə təklif edilən behişt meyvələrindən Peyğəmbər(s)-imiz təzə xurma və üzümdən meyl etmişdi. Allah-təala həmin behişt meyvələrini Peyğəmbər(s)-in sülbündə suya (nütfəyə) çevirmişdir. Nəticədə, Rəsulullah(s) meracdan qayıtdıqdan sonra xanımı Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru Xədicə(s.ə.)-nin bətnində cilvələndi. Buna görə də xanım Fatimə(s.ə)-ni «Hövrau-Unsiyyə» də adlandırmışlar ki, bunun da mənası xanım Zəhra(s.ə)-nın insan ola-ola eyni zamanda behişt hurilərindən sayılması deməkdir, belə ki Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi, onun və tuba ağacının ətrini Fatimə(s.ə)-dən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in zövcələrindən bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə görə belə hərəkəti Peyğəmbər(s) üçün nalayiq hesab edirdi. Sual oluna bilər ki, Rəsuli-əkrəm(s)-in meracı altı ay hicrətdən öncə, yaxud digər mənbəyə əsasən, besətin ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə besətin beşinci ilində dünyaya göz açmışdır ki, bu da yuxarıdakı hadisə ilə (Peyğəmbər(s)-in meracdan sonra bilavasitə Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür. Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə ilə məhdudlaşmadığı üçün yuxarıdakı iradı ona aid edə bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-əkrəm (s) iyirmi dəfə meraca getmişdir. Bu səfərlərinin hamısında da Allah-təala Peyğəmbər(s)-ə bütün vacib əməllərdən daha çox Əli(ə.s)-nin və ondan sonrakı imamların vilayət və imaməti haqqında göstəriş vermişdir. Əllamə Məclisi həzrəti-Zəhra(s.ə)-nın təvəllüd tarixini öz məşhur «Biharül-ənvar» kitabında belə təsvir edir: Bir gün Peyğəmbər (s) Əbtəh (Məkkə və Mina arasında) deyilən yerdə əyləşmiş, həzrəti-Əli (ə.s), Abbas, Həmzə, Əmmar Yasir, Müfzər ibn Zəhzah, Əbu Bəkr və Ömər də o Cənabın yanında oturmuşdular. Bu zaman Cəbrayıl öz əsl surətində– çox böyük, qanadları şərq və qərbi əhatə etmiş halda Peyğəmbər(s)-in hüzuruna gəlib belə səsləndi: «Ey Peyğəmbər! Böyük Allah sənə salam göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq etməyəsən». Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi, lakin Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu mütləq yerinə yetirmək lazım idi. Bu hadisədən sonra Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi. Gündüzləri oruc tutub, gecələri isə ibadətlə məşğul olan Rəsulullah(s) vaxt tamama yetişəndə Əmmar Yasiri Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı tapşırdı: «Ey Xədicə! Elə güman etmə ki, bir müddət səndən uzaqlaşmağım sənə olan sevgimin azalması, ya laqeydlik üzündəndir. Allahım bunu öz işini yer üzündə həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi üçün səadət və xeyirdən savayı bir şey fikirləşmə. Allah-təala gündə neçə dəfə ən böyük mələklərini sənin nazını çəkməyə məmur edir. Axşam düşən kimi qapını bağla və öz yatağında istirahət et. Bil ki, mən Fatimə binti Əsədin evindəyəm». Xədicə(s.ə) öz günlərini qəm-kədərlə ötürürdü. Qırx gün sona yetdikdə həzrəti-Cəbrayıl Peyğəmbər(s)-in yanına gələrək belə ərz etdi: «Allah-təala sənə salam göndərib buyurur ki, sənə veriləcək hədiyyəni almağa hazırlaşasan». Peygəmbər(s) Cəbrayıldan soruşdu: «Allahın mənə edəcəyi töhfə nədir?» Cəbrayıl bu barədə bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl– Allahın dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) biri göylərdən yerə enərkən behişt parçalarına bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-əkrəm(s)-in qarşısına qoydu. Bu vaxt Cəbrayıl Peyğəmbər(s)-ə dedi: «Allah-təala buyurur ki, axşam iftarını bu meyvələrlə açasan». Həzrəti-Əli(ə) söyləyir ki, Peyğəmbər(s) bizdə idi. Adətən axşamlar iftar vaxtı mənə evin qapısını açıq qoymağımı tapşıran və «Qoy kim istəsə, gəlib Peyğəmbərlə birlikdə yemək yesin»-söyləyən Mühəmməd(s) o gecə məni də qapının ağzında oturdub: «Ey Əbu Talibin oğlu, bu, məndən başqasına haram olunmuş bir təamdır», – deyə buyurdu. Mən qapının ağzında əyləşdim. Rəsuli-əkrəm(s) evə daxil olub sininin üstünə çəkilmiş örtüyü qaldırdı, içində bir salxım üzüm, bir budaq da xurma gördüm. Allahın Rəsulu(s) onları bir az yeyib doyandan sonra su içdi. Sonra yumaq üçün əllərini uzatdı. Cənab Cəbrayıl o Həzrətin mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla Peyğəmbər(s)-in əllərini qurulayırdı. Artıq qalmış meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman Peyğəmbər(s) nafilə namazını qılmaq üçün artıq ayaq üstə durmuşdu ki, Cəbrayıl Onun yanına gəlib dedi: «Ya Mühəmməd! …. evə getməlisən … Allah istəyir ki, bu gecə sənin sülbundən pak övladlar yaratsın». Nəhayət, Peyğəmbər(s) qırx gün ayrılıqdan sonra Xədicə(s.ə)-nin görüşünə getdi. Xədicə(s.ə) deyir: «Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb, pərdələri çəkir, başımı bağlayıb namaz qılırdım. Namazı qurtarandan sonra çırağı söndürüb yatağıma istiharət etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım ki, qapının halqasının döyüldüyünü eşitdim. Mən: «Qapını döyən kimdir ki, Peyğəmbər(s)-dən başqa heç kim onu döymür?»-dedim. Bu vaxt Peyğəmbər(s)-in məlahətli səsini eşitdim: «Ey Xədicə, qapını aç! Mənəm, Məhəmmədəm.» Sevinclə qapını açdım… Allaha and olsun ki, Peyğəmbər(s) məndən hələ uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz bətnimdə hiss edib hamilə olduğumu başa düşdüm». Müəllif yazır: «Peyğəmbər(s)-in Xədicə(s.ə.)-dən qırx gün müddətində kənarlaşdırılması Fatimə(s.ə)-nin müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən hazırlıq idi, belə ki həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə olunmuşdur: «İlahi! Salam göndər o pak qadına! Fatimə sənin Rəsulunun qızı, ciyərparası, onun qəlbinin məlhəmidir. O, Peyğəmbərə sənin tərəfindən seçilmiş və öz əhdinə vəfa etdiyi bir töhfədir». Peyğəmbər(s)-in Xədicə(s.ə)-dən belə kənar gəzməyi dünya qadınlarının sərvəri həzrəti-Fatimə(s.ə)-nin məqamının doğma, əziz və böyük olmasına bir nümunədir ki, bu fəziləti dil belə təsvir etməkdə acizdir. Allahın Elçisi(s) üçün behişt meyvələrindən – üzüm və xurmanın gətirilməsi bu meyvələrin daha çox bərəkətli və xeyirli olmalsından irəli gəlir. Çünki ağacların arasında heç bir ağac xurma və üzüm ağacı kimi bərəkətli, xeyirli olmamışdır. Eləcə də bu iki ağac Adəm(ə)-in xəmirindən artıq qalmış gildən yaradılmışdır. Çox ehtimal ki, belə seçim bu pak və mübarək nəslin övladlarının çoxlu olmasına və müqəddəsliyinə bir işarədir. O zaman həzrəti-Mühəmməd(s) vacib namazını qılmışdı. Onun iftardan sonra qılacağı namaz isə müstəhəb və nafilə namazları idi ki, bunların da Cəbrayıl qılınacağı təqdirdə haram olduğunu söyləmişdi. Həzrəti-Zəhra(s.ə.)-nın viladəti. Şeyx Səduq «Əmali» kitabında Müfəzzəl ibn Ömərdən belə nəql edir: Ömər deyir ki, bir gün imam Sadiq(ə.s)-dən soruşdum: –Fatimə(s.ə) dünyaya necə gəlmişdi? İmam(ə.s) buyurdu: –Xədicə(s.ə) Peyğəmbər(s) ilə evlənəndən sonra Məkkə qadınları İslama qarşı olan düşmənçilikləri üzündən Xədicə(s.ə)-dən uzaqlaşdılar, belə ki nə Xədicə(s.ə)-nin evinə gedir, nə də yolda onu görəndə salam verir, hətta başqa qadınların belə onunla görüşməsinə mane olurdular ki, bütün bunlardan Xədicə (s.ə) çox kədərlənir və bu çirkin əməllərin həzrəti-Mühəmməd(s)-ə zərər yetirəcəyindən çəkinib qorxurdu. Amma Xədicə(s.ə) bunu da Peyğəmbər(s)-dıən gizlədirdi. Bir gün Allahın Rəsulu(s) evə daxil olduqda Xədicə(s.ə)-nin kiminləsə söhbət etdiyini eşidir və bu barədə Xədicə(s.ə)-dən soruşduqda, o pak qadın belə cavab verir: «Bətnimdəki uşaq mənimlə söhbət edir. O, mənim munisimdir». Peyğəmbər(s) buyurmuşdur: «Cəbrayıl mənə xəbər verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək, pak nəslimiz də odur. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra onları yer üzündə mənim canişin və xəlifələrim qərar verəcəkdir». Bu minvalla həzrəti-Xədicə(s.ə) hamiləlik dövrünü keçirirdi. O, Fatimə(s.ə.)-nin təvəllüdü yetişdikdə Qüreyş və Bəni-Haşim qadınlarına ona hamiləlikdən azad olmaqda kömək göstərmələri üçün xəbər göndərdi, lakin Qureyş və Bəni-Haşim qadınları bildirdilər ki, sən bizi saymayıb, sözümüzü yerə saldın və Əbu Talibin yoxsul yetimi olan Mühəmməd(s)-ə ərə getdin, buna görə də sənin yanına gəlməyəcəyik, sənə heç bir kömək də etməyəcəyik. Besətin ilk illərində müşriklər müsəlmanları bacardıqları qədər sıxışdırırdılar. (Həzrəti-Mühəmməd(s)-in tərəfdarları özlərini cəmiyyətdən təcrid olunmuş, təklənmiş, qərib hiss edirdilər.) Xədicə(s.ə) bu xəbərdən çox kədərləndi, lakin Allah-təala onu tək qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına bənzər dörd nəfər buğdayı, hündür qamətli qadın evə daxil oldu. Xədicə(s.ə) onları görcək qorxdu. Qadınlardan biri dedi: «Ey Xədicə, kədərlənmə! Biz Allah tərəfindən gəlmişik. Sənin bacılarınıq. Mən Sarayam (İbrahim Xəlil(ə.s)-in yoldaşı), bu, Məzahimin qızı Asiyadır. O, sənin behiştdəki rəfiqəndir. O birisi İmranın qızı Məryəm, digəri isə Musanın bacısı Gülsümdür. Allah-təala bizi sənin yanına sənə hamiləlikdən azad olmaqda kömək etmək üçün göndərmişdir». Bu vaxt onlardan biri Xədicə(s.ə)-nin sağ tərəfində, o birisi sol, üçüncüsü üzbəüz, dördüncüsü isə arxa tərəfində əyləşdi. Fatimə(s.ə) pak-pakizə bir halda dünyaya gəldi. Dünyaya gəldiyi zaman ondan saçan nur bütün Məkkə evlərini işıqlandırdı, şərq və qərbdə nur saçılmayan bir yer qalmadı. On nəfər behişt hurilərindən, əllərində cənnətdən gətirdikləri teşt və kövsər suyundan doldurulmuş kuzə ilə evə daxil oldular. Xədicə(s.ə)-nin qarşısında duran qadın Fatimə(s.ə)-ni götürüb kövsər suyu ilə yudu, ağappaq, ətirli iki parçadan biri ilə Fatimə(s.ə)-ni bələyib, digəri ilə isə başını bağladı, sonra Fatimə(s.ə)-ni dindirdi. Fatimə(s.ə) dil açıb Allahın birliyinə, Mühəmməd(s)-in isə onun rəsulu olmasına şəhadət verərək belə dedi: «Şəhadət verirəm ki, yeganə Allahdan başqa Allah yoxdur. Atam Allahın rəsulu, peyğəmbərlərin başçısıdır. Ərim övliyaların sərvəri və iki övladım isə behişt cavanlarının ağasıdır». Sonra O, qadınlara ayrı-ayrılıqda salam verərək onların hər birini öz adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc və şadlıqla Fatimə(s.ə)-nin mövludu münasibətilə təbrik söyləyib müjdə verirdilər. Hurilər səmada ilk dəfə olaraq elə bir nur gördülər ki, hələ ondan qabaq belə bir nuru heç bir vaxt sezməmişdilər. O zaman xanımlar Xədicə(s.ə)-yə dedilər: «Pak-pakizə və bərəkətli nəslə sahib olacaq mübarək övladını qucağına al!» Xədicə(s.ə) döşlərini qızının mübarək dodaqlarına tutdu. Süd cari oldu. Fatimə(s.ə) ondan sonra hər gün bir aylıq uşaq təki, hər ay isə bir illik uşaq kimi böyüyüb gündən-günə boy atırdı. Fatimə(s.ə)-nin adları. Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir: «Fatimə(s.ə)-nin Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı .» Bəzi rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq, elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Yenə də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın «Fatir» adından götürülmüşdür. O Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. «Zəhra» adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti- Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi. Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə «Zəhra» deyirlər?» Buyurdu: «Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi». Şeyx Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət əsnasında buyurdu: «Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi, belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu». İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır: Behiştdə onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə deyər: «Bu parlaq imarət Fatimə(s.ə.)-nindir». Başqa bir rəvayətdə belə gəlmişdir ki, Allah-təala mələkləri yoxlamaq məqsədilə onlara tərəf qara bulud göndərdi. Bu zaman elə bir qaranlıq çökdü ki, mələklər bir-birini belə görmədilər. Allahdan bu qaranlığın onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını qəbul edib Fatimə(s.ə)-nin nurunu göndərdi.Məhz bu xanımın nuru ərşin ətrafında asılı halda günəş kimi göyün və yerin yeddi qatını işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala onlara buyurdu: «And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin savabını qiyamətə qədər həzrəti-Zəhra(s.ə)-nın Atasının, Ərinin və Övladlarının dostlarına verəcəyəm». Həzrəti-Zəhra(s.ə)-nın adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra, Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən «Bətul» adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr Aşub «Mənaqib» adlı kitabında yazır: «Səhih rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından hər biri onun fəzilətlərini özündə əks etdirmişdir. İbn Babəveyh bu adları « Müvəllid Fatimə» kitabında sadalamışdır». O Xanımın künyələri: «Ümmülhəsən», «Ümmülhüseyn», «Ümmülmöhsin», «Ümmuləimmə», «Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. Bu künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir. «Mənaqib» adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə «Nuriyyə», «Səmaviyyə», «Haniyyə» də deyirlər. «Haniyyə» adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım Zəhra(s.ə)-ya verilmişdi.

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Xanım Fatimənin (ə) uca məqamının sirri

Həzrət Fatimə əleyhasalam buyurur: قالت له : البيت بيتك والحرة زوجتك إفعل ما تشاء “(Əlican!) Ev sənin evindir və mən sənin həyat yoldaşınam. Nəyi məsləhət bilirsənsə onu da et (mən sənin hər qərarına razıyam).” Nəhcul-həyat 3-cü hədis . İnsan ictimai varlıqdır, bu ictimailik ailə adı quruluşdan başlayır. Qurani-kərim Nisa surəsinin 34 cü ayəsində ailə quruluşu barədə buyurur: “Kişilər qadınların (qoruyucusu və) dayağıdır.” Bu hamilik və qoruyuculuq kişilər üçün çətin bir sınaq nöqtəsidir. Allah Taala kişiləri qadınların dayağı və qoruyucusu qərar verməsi ilə onları çətin bir imtahana çəkir. Başqa sözlə, görək onlar bu qoruyuculuq və hamilik məsuliyyətini necə neyinə yetirəcəklər? Odur ki, Qurani-kərim Təhrim surəsinin 6-cı ayəsində buruyur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi oddan (yəni hər bir təhlükədən, zərər və ziyandan, azğınlıqdan, cəhənnəmlik olmaqdan) qoruyun!” Allah Taala kişilərin boynuna belə bir ağır məsuliyyət qoyaraq Bəqərə surəsinin 228-ci ayəsində onlara belə xitab edir: “Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər.” Bu bir dərəcədən məqsəd nizam-intizam yaratmaqdır. Hər bir quruluş, sistem və cəmdə bir başçı və rəhbərin olması zəruridir. Allah deyir ki, burada (ailədə) nizam-intizam olmalıdır, elə isə biriniz rəhbər və ailə başçısı olmalısınız. Hətta sevimli peyğəmbərimiz həzrət Muhəmməd (s) buyurur ki: إذا كنتم ثلاثة في سفر فأمّروا أحدكم “Səfərdə olarkən üç nəfər olsanız biriniz başçı olun.” (Məhəccətul-beyza 4-cü cild 58-ci səhifə) İndi keçək əsas məsələyə: Kişinin ailə başçısı olması, onun hökm verən olması (bu işin məsuliyyət və imtahan olmasını nəzərə alaraq) heç də onun xeyirinə olan bir iş deyil. Bu hökm və göstəriş vermək bir növ İblisin (şeytanın) altı min illik ibadətinə bənzəyir. Kişinin izzət və şəxsi hörməti əmr etməkdədir. Sənə izzət və şəxsi hörmət gətirən hər bir ibadət təhlükə astanasıdır. Sən adət etmisən ki, sənə izzət və şəxsi hörmət gətirən ibadəti edəsən, odur ki, bir vaxt sənə -Allah tərəfindən- sənin izzət və şəxsi hörmətini sındıran bir ibadət tapşırılanda (məsələn, həyat yoldaşına ev işlərində kömək et, uşaq saxlamaqda ona yardım et və sair) dinin göstərişini icra etməyəcəksən. İblis kimi. İblis 6 min il elə bir ibadəti edirdi ki, bu iibadət ona izzət və şəxsi hörmət gətirirdi, həmin ibadət onun nəfsinin istəyi ilə yanaşı idi, nəfsi həzz alırdı onun ibadət etməsindən, çünki ibadəti çoxaldıqca onun izzəti və hörməti də çoxalırdı!! İblisə bircə dəfə elə bir ibadət tapşırıldı ki, onun izzətini, qürurunu və şəxs hörmətini sındıran bir ibadət idi, Allah buyurdu: Adəmə səcdə et. İblis hamının qarşısnda Adəmə səcdə ibadətini yerinə yetirməli idi. O, bu ibadəti öz izzət, qürur və şəxsi hörmətini sındıran bir ibadət olaraq gördü və Allah Taalanın əmrindən çıxaraq Adəmə səcdə etmək ibadətindən imtina etdi. Deməli, kişinin qadına hökm etməsi onun izzəti və şəxsi hörməti boyuncadır, onun nəfsinin istəyi ilə yanaşıdır. Ancaq qadının öz ərinə itaət etməsi və onun göstərişlərinə tabe olması qadının izzət və şəxsi hörməti boyunca deyil, onun nəfsinin istəyinin tam ziddi və əksinədir. Bax, elə buna görə də qadının öz ərinin sözünə baxması mələklərin Adəmə səcdə etməsi növündəndir. Nəfsinin istəkləri ilə təmamilə ziddir. Mələklər Allah Taalanın əmrinə tabe olaraq səcdə etdikləri üçün Allah onları Özünün kəramətli bəndələri qərar verdi. Qadının öz ərinin göstərişlərinə tabe olması nəfsin istəkləri ilə müxalifətçilikdir. Kişilər bu incə məsələyə diqqət etməlidirlər, qadınların onlara itaətini dəyərləndirməlidirlər. Sizlər əmirəlmöminin Əli əleyhissalamın öz ailəsində həyat yoldaşı xanım Fatiməyə (ə) olan xidmətlərinə baxın! Həzrət Muhəmməd (s) dəfələrlə imam Əlinin (ə) evinə gəldikdə o Əlinin (ə) ev yığışdırdığını, çörək bişirdiyini, ev süpürdüyünü, xəmir yoğurduğunu … görür və Allaha şükür edərək imam Əlilə (ə) təşəkkür edib ailədə kişinin öz ərinə kömək və xidmətlərinin Allah yanında ən böyük savab iş olduğunu bildirir. Peyğəmbərin (s) dəfələrlə belə bir səhnə ilə üzləşmələri və hədislər söyləmələri barədə çoxlu xəbərlər vardır. Dostlar, baxın, məhz buna görədir ki, məsum İmamlarımız (onların hamısına Allahın salamı olsun) həzrət Fatimə əleyhasalam barədə belə buyururlar: نحن حجج الله على الخلائق ، وأمنا فاطمة حجة الله علينا “Biz (İmamlar) insanlar üzərində Allahın höccətləriyik və anamız Fatimə isə bizim üzərimizdə Allahın höccətidir.” əl-Əsrarul-Fatimiyyə 18-ci səhifə . Bu çox böyük məqamdır. Çünki xanım Fatimənin (ə) Əli əleyhissalamın sözünə baxması, ona sədaqətli olması, “birdən o şeyi almağa imakanı olmaz və utanar” deyə ərindən nəyisə almağı istəməməsi, son nəfəsinədək İmamı (ə) müdafiə etməsi … həqiqətdə mələklərin Adəmə səcdə etməsi növündəndir. Qadınların bu ibadətləri çəx çətin (çünki nəfsin istəkləri ilə ziddir) kişilərin ibadətləri isə (nəfsin istəyi ilə yanaşı) olduğu üçün çox asandır!!! Deməli, yuxarıdakı ayədəki (Bəqərə-228) “dərəcə” əslində qadınların xeyirinədir. Görəsən, biz həzrət Əli (ə) və xanım Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?   RZA ƏZİZOĞLU İRƏVANİ  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Ya Fatimə, Allah sənə salam göndərəni bağışlar

Hz. Peyğəmbər (s): Ya Fatimə, Allah sənə salam göndərəni bağışlar! Əllahummə səlli əla Fatimətə və əbiha və bəliha və bəniha, ədədə ilmillah, zinətə ərşillah, baqiyətən bi bəqaillah, daimətən bi dəvami mulkillah, ədədə ma xələqə və ma yuxləq, vəl-ən əədaəhum kəzalik. Allahım, Fatiməyə, onun atasına, həyat yoldaşına, iki oğluna Allahın elmi qədər, Allah ərşinin ağırlığı qədər, Allahın sonsuzluğu qədər davamlı, Allahın səltənəti davam edənədək, yaradılmışlar və gələcəkdə yaradılacaqların sayı qədər rəhmət göndər və onların düşmənlərini Öz rəhmətindən uzaqlaşdır… (اَللّهُمَّ صَلِّ عَلی فاطِمَةَ وَ اَبیها وَ بَعلِها وَ بَنیها ،عَدَدَ عِلمِ الله ،زِنَة عَرشِ الله ،باقیَةً بِبَقاءِ الله ،دائِمَة بِدَوامِ مُلکِ الله ،عَدَدَ ما خَلَقَ وَ ما یُخلَقُ ، وَ العَن اَعدائَهُم کَذالِک)  

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (ə) çəkinməsi

Müsəlman qadının ictimai işlərdə fəaliyyəti barədə mövzu daima ixtilaf obyekti olmuşdur. Bu mövzunun ən yaxşı izahı dünya və axirət qadınlarının sərvəri həzrət Fatimənin (ə) həyatı və yaşayış tərzidir. Müsəlmanlar üçün Qurani-kərimdən sonra on dörd məsum, yəni Həzrət Muhəmməd (s), xanım Fatimə (ə) və on iki imam (ə) müsəlmanlara Allahın höccətidirlər. Həzrət Fatimə əleyhasalam ilə əlaqədar bir hədisdə oxuyuruq: إن فاطمة بنت رسول الله صلى الله عليه وآله استأذن عليها أعمى ، فحجبته فقال لها النبي صلى الله عليه وسلم : لم حجبته ، وهو لا يراك ، فقال : يا رسول الله إن لم يكن يراني فأنا أراه ، وهو يشم الريح ، فقال النبي صلى الله عليه وآله : أشهد أنك بضعة مني “Kor bir kişi həzrət Peyğəmbərin (s) qızı Fatimənin (ə) evinə daxil olmaq üçün o xanımdan icazə istədi, bu an xanım Fatimə (ə) dərhal yerdən qalxaraq hicabını bağladı (örtündü). Allahın Rəsulu (s) buyurdu: – Ona görə örtünməyə ehtiyac yoxdur, o (kor olduğu üçün) səni görmür. (Həzrət Fatimə) buyurdu: -ey Allahın Rəsulu (s)! O məni görməsə də mən onu görürəm və o mənim ətrimi hiss edə bilər. Allahın Rəsulu (s) (qızının bu sözlərini eşitdikdə) buyurdu: -Şəhadət verirəm ki, sən mənim canımın parasısan.” Şərhu ihqaqul-həqq 10-cu cild 258-ci səhifə . Məsumlardan biri də həzrət Fatimədir (ə). Bəzi şəxslər Xanımın (ə) qadının evdə oturması və kişiləri görməməsi barədə hədislərə əsaslanaraq qadının evdən çölə çıxmasının düzgün olmadığını bildirmiş və ictimai işlərdə iştirakını qadağan etmişlər. Həzrət Fatimə (ə) başqa bir yerdə buyurur: خير للنساء أن لا يرين الرجال ولا يراهن الرجال “Qadın üçün ən yaxşı şey budur ki, o qadın kişiləri, kişilər isə o qadını görməsin.” Biharul-ənvar 43-cü cild 54-cü səhifə . Üçüncü hədisdə isə oxuyuruq: أدنى ما تكون من ربها أن تلزم قعر بيتها Həzrət Fatimə (ə) buyurdu: “Qadın öz evində oturduqda Allaha daha yaxın olur.” Biharul-ənvar 43-cü cild 92-ci səhifə Qadının vəzifələri mövzusunda araşdıqma aparmaq üçün xanım Fatimənin (ə) bu hədisləri ilə yanaşı o biri hədislərinin də hamısı tədqiq edildikdən sonra düzgün nəticəni əldə etmək olar. Halbuki əgər biz məsumların həyatlarından dəqiq nəticə almaq istəsək onların bütün sözlərini və həyatlarını tam dəqiqliklə araşdırmalıyıq ki, onların sözlərindəki məqsəd və niyyətlərini başa düşə bilək. Odur ki, imam Cəfər Sadiq əleyhissalam buyurur: عن أبي عبد الله عليه السلام قال : أنتم أفقه الناس ما عرفتم معاني كلامنا ، إن كلامنا ينصرف على سبعين وجها “Bizim sözlərimizin (həqiqi) mənasını anlasanız insanların ən fəqihi (dini dərk edəni) olarsınız, şübhəsiz bizim kəlamlarımız yetmiş cəhətə yozula bilir”. Bu hədislərdən, xüsusilə üçüncü hədisdən bəlli olur ki, istər fərdi istər ictimai işlərdə meyar və əsas Allaha yaxınlaşmaq, yəni həqiqi bəndəçilik və kamillikdir. Çünki bu hədislərin qarşısında tamamilə əks cəhətdə hədislər və tarixi cərəyanlar mövcuddur. Təsəvvür edin ki, xilafətin qəsb edilməsinin ilk günlərində mənəm-mənəm deyən qəhrəmanların səslərini çıxarmağa cürətləri çatmadığı zamanda xanım Fatimə (ə) Mədinə məscidinə gələrək yüzlərlə səhabənin qarşısında xilafəti qəsb edənlərə qarşı alovlu xütbə söyləyərək qəsbkarları ifşa edir. Gecələr mühacir (hicrət etmişlərin) və ənsarın (Mədinəlilərin) evlərinə gedərək onları haqq uğrunda mübarizəyə səsləyir. Yaxud gündüz çağı camaatın qarşısında fəryad edərək insanları əmirəlmöminin Əli əleyhissalamın haqqını müdafiə etməyə çağırır, “saçlarımı pərişan edərəm” –deyə qəsbkarları hədələyir. Övladları Həsən (ə) və Hüseynin (ə) əlindən tutaraq birincinin yanına gedərək qəsb edilmiş Fədək bağının qaytarılmasını tələb edir… Məhz buna görədir ki, məsumlar (onların hamısına Allahın salamı olsun) hədislərin məna və məqsədlərini düzgün dərk etməyin vacibliyini hər kəsə dönə-dönə tapşırmışlar. Bu iki dəstə hədislər arasında heç bir təzad və ziddiyyət yoxdur, yuxarıdakı üçüncü hədisdə deyildiyi kimi bunların hamısında əsas və meyar Allaha yaxınlıq və qürbət məqsədidir ki, bu da yalnız Allah Taalaya xalis itaət və bəndəçilik ilə mümkün ola bilir. Allaha həqiqi bəndəçilik və itaət budur ki, hər bir zaman, məkan, mühit və şəraitdə onlara uyğun olan vəzifəni biləsən və məhz onu edəsən, çünki şərait dəyişildikdə insanın vəzifə və məsuliyyətləri də dəyişir. Hər bir şəraitin özünə məxsus hökmləri vardır. Zəruri olmayan işlərdə kişilərlə təmasda olmaq düzgün deyil, ancaq vilayət haqqı və ya Allahın Peyğəmbərinin yaxud Vəlisinin canını hifz etmək, qorumaq kimi məsələ qarşıya çıxdıqda belə bir təmas və münasibət qaçılmaz olur. Necə ki, Qurani-kərimdə 40-cı Mömin (Ğafir) surəsində bəhs edilən mövzuların biri də Fironun yaxın qohumlarından və onun sarayında yüksək vəzifədə olan, ancaq Allaha və Musaya (ə) iman gətirdiyini gizlədən (Əbu Talib kimi) bir şəxsin həyatının bir hissəsi barədədir. O imanının gizlədən şəxs sarayda Fironun öz müşavirləri ilə Musa peyğəmbər barəsində məsləhətləşdiyi zaman onların həzrət Musanı öldürmək qərarına gəldiklərini eşitdikdə imanını aşkar etdi və həzrət Musanı müdafiə edərək onları qətiyyətlə bu işdən çəkindirməyə çalışdı və elə bu rəftarına görə Fironun əmri ilə öldürüldü… Bəli, “qadın üçün ən yaxşısı onun kişiləri, kişilərin isə onu görməməsidir” deyən və kor bir kişi ilə rastlaşdıqda hicabını bağlayan xanım Fatimə (ə) Salman və Əbuzər ilə tamamilə başqa bir tərzdə rəftar edir, onların onun evinə gəlməsini və birlikdə İlahi mərifət və vilayət barədə söhbət etmələrini istəyir. Təbiidir ki, Salman, Əbuzər, Miqdad, Əmmar kimi kamil insanlar ilə qadından gələn ətir iyinə vəsvəsəyə düşən kişilər bir deyillər. Kişilər var ki, hətta dükanda qadın paltarı gördükdə vəsvəsəyə düşürlər, o ki qaldı onların ətirlərini iyləməkləri… Odur ki, xanım Fatimə əleyhasalam nəinki qadınlar üçün, bəlkə bütün bəşəriyyət üçün insanlıq və bəndəçilik nümunəsi və ən gözəl ülgüdür. Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik? Rza Əzizoğlu İrəvani    

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimə (ə) əxlaqında “Qonşuluq hüquqları”

Həzrət Fatimə əleyhasalam buyurur: ليس من المؤمنين من لم يأمن جاره بوائقه “Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.” Dəlailul-imamə 66-cı səhifə İslamın önəm verdiyi məsələlərdən biri də qoşululuq haqqıdır. Hər bir müsəlman öz qonşuları ilə mehriban qonşuluq münasibətlərinə malik olmalıdır. Qonşusunun evdə olmadığı vaxtlarda onun abırını qorumaq, görüşəndə onunla hörmət və ehtiramla davranmaq, ona daima dayaq və himayaçi olmaq qonşuluq haqlarındandır. Müsəlman olan şəxs qonşularının eyibləri və nöqsanları barədə axtarış etməməlidir. Əgər onun bir pis işini bilmiş olsa özünün sirlər xəzinəsi olan sinəsinin möhkəm qalasında həmin pis işi elə saxlamalıdır ki, nizələrin iti ucları belə o sirri öyrənə bilməsin. Kimsə sizə başqaları ilə əlaqədar bildiyi sirləri açırsa siz onun bu xəyanətli addımını səmimi dostluq addımı ilə səhv salmayın və sinənizdəki sirləri xüsusilə də qonşular və yaxınlar barədə bildiklərinizi heç kimə deməyin. Əmirəlmöminin Əli əleyhissalam həyatının son saatlarında söylədiyi axırıncı vəsiyyətlərində qonşularla mehriban münasibətdə olmağı dönə-dönə tapşırmışdır. Bəli, qonşularla yaxşı keçinməyi və mehriban olmağı Allahın Rəsulu (s) o qədər tapşırardı ki, bəzi insanlar “qonşuya ehtiram etmək vacib ediləcək” –deyə düşünürdülər. Bir hədisdə oxuyuruq: جَاءَتْ فَاطِمَةُ ع تَشْكُو إِلَى رَسُولِ اللَّه ص بَعْضَ أَمْرِهَا فَأَعْطَاهَا – رَسُولُ اللَّه ص كُرَيْسَةً وقَالَ تَعَلَّمِي مَا فِيهَا فَإِذَا فِيهَا مَنْ كَانَ يُؤْمِنُ بِاللَّه والْيَوْمِ الآخِرِ فَلَا يُؤْذِي جَارَه “(Xanım) Fatimə (ə) bəzi işlərlə bağlı gileyini bildirmək üçün Allahın Rəsulunun (s) yanına gəlmişdi. Allahın Rəsulu (s) ona (Fatiməyə) kağız parçası verdi və -burada yazılanları öyrən, deyə buyurdu. O kağız parşasına belə yazılmışdı. “Kim Allaha və qiyamət gününə inanırsa qonşusuna əziyyət etməsin (onu incitməsin)…..” Məkatibur-Rəsul 2-ci cild 139-cu səhifə Tarix kitabları yazmışlar ki, xanım Fatimənin (ə) dünyadan köçməsi nəinki o xanımın qonşularını, bütün Mədinə əhalisini sarsıtmışdı. İmam Həsən Müctəba əleyhissalam buyurur: “Gecənin bir aləmində yuxudan ayıldım, anamın ibadət mehrabında əllərini göyə qaldırıb dua etdiyini gördüm, dualarında yalnız qonşuları bir-bir dua edirdi, bir qədər qulaq asdıqdan sonra dedim: -Anacan! Bəs bizi niyə dua etmirsən?! Anam Fatimə (ə) buyurdu: Oğlum! Əvvəl qonşular (üçün dua edirəm) sonra ev (üçün dua edəcəyəm).” Odur ki, həzrət Fatimə əleyhasalam buyurur: “Qonşuları onun şərrindən (pisliyindən, əziyyətindən) amanda olmayan şəxs möminlərdən deyil.” Biz həzrət Fatiməyə (ə) nə qədər oxşaya bilmişik?

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

İmam Zaman ağa (ə.f) Həzrət Zəhranın (s.ə) işini davam etdirəcəkdir

Bəzi hədislərimizdən belə nəticəyə gəlmək olur ki, Həzrət Zəhra (s.ə) ilə İmam Zaman ağa (ə.f) arasında sıx rabitə mövcuddur. Bu iki əzizin arasında öz sirləri vardır. Həzrət Fatiməni (s.ə) tanımadan, Həzrət Məhdini (ə) tanımaq olmaz. Xanım (s.ə) bu cür övlada malik olduğu üçün fəxr edir. Həmçinin Həzrət Məhdi (ə.f) də bu cür anaya malik olduğu üçün qürur hissi keçirir. Həzrət Məhdi (ə.f) – Həzrət Zəhranın (s.ə) davamçısıdır. Onun aynası kimidir. Onun hədəfi – Xanımın  (s.ə) hədəfidir. Bu haqda gələn bəzi hədislərə işarə edək: Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır ki, mənim sünnətim əsasında vuruşacaqdır. Necə ki, mən vəhy üzrə vuruşmuşdum”. Allah Təala buyurur: “Ey Muhəmməd! Sənə o kəsi (Əli) əta etmişəm ki, 11 yol göstərən onun nəslindən xaric olacaqdır. Hamısı sənin nəslindən, Zəhrayi-Bətuldandır (s.ə). Onların sonuncusu o kişidir ki, onun əli ilə həlakətdən nicat verəcəyəm”. Ümmi Sələmə deyir: “Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: “Məhdi (ə.f) – mənim ailəmdən və Fatimənin (s.ə) övladlarındandır”. Həzrət Məhdi (ə.f) buyurur: “Allahın Rəsulunun (s) yeganə pak qızının əməl və sünnəti mənim üçün nümunə və bəyənilən örnəkdir”. Quran bizlərə iki örnəyi belə tanıdır: “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə)ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21). “Əlbəttə, sizin üçün – Allaha və axirət gününə ümid bəsləyənlərə –onlar(ın rəftarın)da gözəl bir örnək vardır və kim üz çevirsə (özünə zərər vurmuşdur)”. (“Mumtəhənə” 6). Bu ayələrdə o kəslər ki, Həzrət İbrahim (ə) və Həzrət Rəsulla (s) bir yerdə olar, nümunə kimi tanıdılmışdır. Ona görə də örnək dedikdə, təkcə İlahi peyğəmbərlər (ə) nəzərdə tutulmur. Onların yolunda olan hər kəs örnək sayıla bilər. İmam Zaman ağanın (ə.f) Həzrət Zəhranın (s.ə) özü üçün örnək qərar verməsi ona görədir ki, Həzrət Zəhra (s.ə) hər bir cəhətdən Peyğəmbərə (s) bənzəyirdi. Yol getməyindən tutmuş, danışmağına qədər. Bəli, Həzrət Məhdi (ə.f) mütləq gələcəkdir və anası Həzrət Zəhranın (s.ə) yolunu davam etdirəcəkdir. Necə ki, Xanım (s.ə) atasının dininin ayaqda qalması üçün ənsarların və mühacirlərin evinə gedir və beyətlərini yadlarına salırdı və zamanlarının İmamını (ə) onlara tanıdırdı, Həzrət Məhdi (ə.f) də Peyğəmbərin (s) və Həzrət Zəhranın (s.ə) hədəfini yerinə yetirmək üçün inqilab edəcəkdir. /Deyerler.org/

Xanım Fatimeyi-Zəhra (s.ə) 14.01.2025

Həzrət Fatimənin (s.ə) ardıcılı əvvəl-axır mütləq behiştdə olacaq

Bir kişi həyat yoldaşına deyir ki, Peyğəmbərin (s) qızı Fatimənin (s.ə) yanına get və mənim haqqımda sual ver ki, mən onun davamçısıyam, yoxsa yox? Həyat yoldaşı da Xanımın (s.ə) yanına gəlir və bu sualı verir. Xanım (s.ə) buyurur: “Ona de ki, əgər ona əmr etdiyimizi yerinə yetiribdirsə və qadağan etdiyimizdən çəkinibdirsə – o, bizim davamçılarımızdandır”. Həyat yoldaşı gəlir və Xanımın (s.ə) sözlərini ərinə deyir. Əri deyir: “Vay olsun mənə! Kim günah və xatadan uzaqdır ki? Ona görə də mən həmişəlik cəhənnəmdəyəm. Çünki hər kim onların davamçısı olmaz, həmişə cəhənnəm atəşində olar”. (İslami saytlara istinadən) Kişinin xanımı yenə Həzrət Fatimənin (s.ə) yanına gəlir və ərinin sözlərini banuya çatdırır. Həzrət Fatimə (s.ə) buyurur: “Ona de ki, güman etdiyi kimi deyildir. Bizim davamçılarımız – behişt əhlinin ən üstün insanlarıdır. Hər kim bizi sevərsə, bizim dostlarımızı da sevərsə, düşmənlərimizin düşməni olarsa – qəlb və dili ilə iman gətirmiş olar. Əgər bizim əmr və nəhyimizlə müxaliflik edərsə, bizim davamçımız deyildir, baxmayaraq ki, behiştə getsə belə. Ancaq bəla və çətinliklər vasitəsilə günahlardan pak olandan sonra. Və ya Qiyamət günü müxtəlif çətinliklərdən və ya cəhənnəmin ən üstün təbəqəsində əzab olduqdan sonra pak olar. O zaman bizə qarşı olan məhəbbətinə görə cəhənnəmdən ona nicat verərik və öz yanımıza apararıq”. /Deyerler.org/

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...