Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Dua 22.12.2024

Allahın hüzurunda dua etməyin qaydası

Müqəddimə İnsan daimi olaraq yaradanı ilə rabitə yaratmağa möhtacdır. İnsanın həqiqətdə zəif bir məxluq olmasına baxmayaraq, o, Allahla rabitə qurub kamala çata bilər. Nəticədə, insan Allahla bu rabitəni yaratmaqla özünü sonsuz qüdrətin əhatəsində müşahidə edərək həqiqi və doğru yolda addımlaya bilər. İnsan ona verilən hədsiz nemətlərə şükr edir, həyatının ən çətin anlarında Allahın rəhmətinə ümid edərək həmin çətinliklərdən uzaqlaşa bilir. Allahla rabitə yaratmaq o qədər də çətin deyil, ona görə ki, O, bizə çox yaxındır. Allah öz Peyğəmbərinə (s) belə buyurur: (1)“وَ إِذا سَأَلَکَ عِبادی عَنِّی فَإِنِّی قَریبٌ” “Bəndələrim səndən Mənim barəmdə soruşduqda, (de ki,) həqiqətən, Mən (hamıya) yaxınam.” (2)“وَ نَحْنُ أَقْرَبُ إِلَیْهِ مِنْ حَبْلِ الْوَرِیْدِ” “Biz ona (insana) şah damarından da yaxınıq.” Elə bu səbəbdən, Allah-taala öz bəndələrinə yaxın olduğunu bəyan etdikdən sonra insanların dua etmələrini və yaradanları ilə danışmalarını istəyir: (3)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی” “Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.” İnsanın bütün problemlərinin həlli və çarəsi Onun ixtiyarında olduğu halda, Allahla münacat etməməsi, Ondan qəflətdə olması və heç bir hacət istəməməsi necə mümkündür?! Belə isə, Allah-taala ilə rabitə yaratmaqda qəflət etməyin. Bütün məxluqatın yaradanı olan Allahla rabitə qurmağın yollarından biri də duadır. Əgər dua onun üçün nəzərdə tutulan qaydada yerinə yetirilərsə, hədən artıq təsir qoyacaq və insan bu təsirin kənarında Allahın rəhmətinə nail olub öz istəklərini ondan diləyəcək. Yuxarıdakı cümlələri qeyd etməklə duanın əhəmiyyəti, qayda-qanunu, şərtləri, səmərə və təsirini əziz oxucuların nəzərinə çatdırmaq istədik. Duanın əhəmiyyəti Deməli, dua bəndələrlə Allah-taala arasında rabitə olduğundan, əhəmiyyət kəsb etmiş və islami təlimlərdə ona xüsusi yer verilmişdir. Allah-taala Quranda öz bəndələrini dua etməyə dəvət etmiş və onların dualarının qəbul olunacağına dair vədə vermişdir. Odur ki, Allah bəndələrinin nidasını eşidən və cavab verəndir. Belə olduğu halda, nə üçün Onunla münacat etməməli və qəlbimizkiləri Ona deməməliyik?! Allahın özü Qurand belə buyurub: (4)“اُدْعونى اسْتَجِبْ لَکُمْ” “Məni çağırın ki, sizin duanızı qəbul edim.” Yenə buyurur: (5)“أُجیبُ دَعْوَةَ الدَّاعِ إِذا دَعانِ، فَلْیَسْتَجیبُوا لی” “Məni çağıran zaman, dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər.” Beləliklə, dilimizi dua etməyə öyrəşdirməli, münacatla məşğul olmalı və Allahın dəvətini qəbul etməliyik. Əgər belə olmazsa, istəklərimiz həyata keçməmiş və cavabsız qalacaq. çünki Quranda buyurulur: (6)“ما یَعْبَؤُ بِکُمْ رَبّى‏ لَوْ لا دُعاؤکُمْ” “Əgər mənim Rəbbim (ümumi mərhəmət və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun (höccətin) tamamlanmasının tələbinə əsasən) sizi (tövhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi.” Deməli, bu mətləbin əsas sirri bəndələrin dua etməsinə qayıdır, çünki duanın ibadət və bəndəliklə sıx rabitəsi var. Bəzən dua “ibadət”, (7) bəzən də “ibadətlərin ən üstünü (fəzilətlisi)” kimi təqdim olunmuşdur. (8) Digər mənbələrə əsasən, dua ibadətlərin təməl və əsası olaraq qələmə verilmişdir. (9) Bundan əlavə, “Ğafir” surəsinin altmışıncı ayəsində dua “ibadət” şəklində qeyd edilmişdir. (10) Bəli, dua bəndəlik və itaətin mənbəyidir. Beləliklə, həmin mənbədən nə qədər faydalansaq, Rəbbimizin yanında bir o qədər məqam və dəyərə sahib olar və nəticədə, “ibadur-rəhman” (ilahi bəndələr) zümrəsində (11) yer tutartıq. İslami rəvayətlərdə də dua müxtəlif şəkildə təfsir edilmiş, bir tərəfdən, dini təlimlərdə onun əhəmiyyəti, digər bir tərəfdən də, duanın təsir və səmərələrinə işarə olunmuşdur. Dua aşağıdakı ifadələrlə qeyd edilmişdir: “Əmudud-din” (Dinin sütunu) (12) “Məxxul-ibadəh” (İbadətin beyni (əsası)) (13) “Əfzəlul-ibadəh” (İbadətin ən üstünü) (14) “Nurus-səmavati vəl-ərz” (Yerin və göyün nuru) (15) “Misbahuz-zulməh” (Qaranlıqların çırağı (dünya və axirətdə) (16) “Miftahun-nicah” (Qurtuluşun açarı) (17) “Nəcəhu-kulli-hacəh” (Hər bir hacətlə bağlı qələbə (uğur) amili) (18) “Məqalidul-fəlah” (Düzgünlük vasitəsi) (19) “Miftahur-rəhməh” (Rəhmət açarı) (20) “Miftahu-kulli rəhməh” (Bütün rəhmətlərin açarı) (21) “Silahul-ənbiya” (Peyğəmbərlərin silahı) (22) “Silahul-mumin” (Möminin silahı) (23) Duanın sirr və hikməti Yuxarıda qeyd etdiyimiz mətləblərdən belə nəticə əldə edilir ki, islami təlimlərdə duaya xüsusi diqqət ayrılmışdır. Buna baxmayaraq, duanın sirri və fəlsəfəsi ilə tanış olmayanların bəziləri bu barədə qeyri-düzgün tezislər (nəzərlər) irəli sürub deyirlər: 1. Dua Allahın iradəsi və onun müqabilində təslim olmaq ruhiyyəsi ilə uğyun deyil. Biz Onun iradəsi müqabilində təslim olmalı və Onun bizim üçün bəyəndiyini biz də bəyənməliyik. 2. Dua təlaş və fəaliyyəti zəiflədən və süstləşdirən amillərdən biridir. Belə ki, insanlar öz işlərini bir kənaraq qoyub duanın dalınca gedirlər. (24) 3. Bu sadaladığımız məsələlərdən əlavə, biz dua etməklə Allahın təqdirini necə dəyişə bilərik?! Əgər Allahın təqdir olunmuş elmində hansısa bir dəyişiklik baş verərsə, bu, bizim etdiyimiz duaların təsiri ilə deyil. Əgər qismət sayılarsa belə, bizim duamızla alın yazısına (qəzavü-qədərə) çevrilməmişdir. Başqa bir ifadə ilə desək, bizim duamız bir növ Allahın işinə qarışmaq sayılır. Allah məsləhət gördüyü işi görür və bizim dualarımıza da ehityacı yoxdur. Əgər duanın məfhum və fəlsəfəsi aydın olarsa, belə mübahisələrə yer qalmaz. Duanın düzgün mənası budur ki, biz işlərimizi layiqincə və gücümüz yetdiyi qədər yerinə yetirək. Belə ki, bizim qüdrətimizin çatmadığı işi Allahın öhdəsinə qoyaq və dua etməklə problemlərimizin həllini Ondan istəyək. “أَمَّنْ یُجِیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوءَ” “Bədbəxtlik başverdikdə,  iş və fəaliyyətlərimiz səmərəsiz olduqda, Allahın qapısına gedib dua edək.” Bu səbəbdən, islami rəvayətlərdə qeyd olunduğu kimi, tənbəlliyə düçar olan şəxslərin duaları qəbul olmayacaq. Tənbəl bir cavanın iş görməməsinə görə, duası qəbul olmayacaq və ruzisi artmayacaq. Həmçinin, sərvət sahibi öz mal və sərvətindən kiməsə borc verərkən borcunun əvəzində sənəd istəməzsə və ya şahid tutmazsa və borclu olan şəxs sonralar ona borclu olmadığını deyərsə, bu zaman borc verən şəxsin borcla bağlı duası qəbul edilməz. Xülasə, tənbəllik yolunu tutan insanın problemi dua ilə həll olmayacaq. Yuxarıda dediyimiz kimi, dua təqdir deyil, əksinə dua fəaliyyət və təlaşın amili olaraq insanın qüvvəsini artırır. Deyilənlərə görə, dua etmək Allahın təqdirini dəyişdirə bilməz. Bu sualın cavabı aydındır. Dua etmək insanın ləyaqət və aktivliyini daha da artırır. Yəni, Allahın qapısına üz tutduğu üçün Allahın nuru onun qəlb və mərifətinə qüvvət verərək onu hərəkətə gətirir. Günahlarına görə tövbə edir. Necə ki, tövbə etmək duanın məqbul sayılmasında əsas rol oynayır. Deməli, insan tövbə etməklə Allahın lütfünə şamil olur, çünki ilahi sünnə və qanununa əsasən, ləyaqətli insalar Allahın lütf və mərhəmətindən daha çox bəhrələnə bilərlər. (25) Başqa ifadə ilə desək, Allahın bəndələrin halına şamil olacaq nemət və bərəkəti vardır. Lakin o bərəkət və nemət şərtlərə bağılıdır. Yəni, Allahın qapısına gedərək dua etməklə insan öz ruhunu paklaşdırmalı və özünü Allaha yaxın bilməlidir. Beləliklə, dua etmək ilahi rəhmət və lüft yağışını yağdırır. Əvvəlki ifadələrimizdə belə bir sual qarşıya çıxdı ki, dua ilə Allah qarşısında təslim olmaq ruhiyyəsinin bir-biri ilə uyğunluğu yoxdur. İndi isə bu sualı cavablandıracağıq. Dua Allahın razılığı qarşısında təslim deməkdir. Bunu Allahın özü bəndələrindən istəyir. Allahın bəndələri duanın vasitəsilə Ona yaxınlaşır və Onun nemət, bərəkət və pak zatının kölgəsi və rəhmətindən istifadə edirlər. Elə buna görə də, insanlar dəfələrlə rəvayət və ayələrdə dua etməyə dəvət olunmuşdurlar. Bir sözlə, duanın insanın tərbiyəsində böyük təsiri vardır. Dua insanın ruhunu yüksəldir və insanın qəlbindəki qəsavət və çirkinlikləri aradan qaldırır. Dua insanı Allahın pak zatına, xeyirxahlıq və üstün xüsusiyyətlərə yaxınlaşdırır. Görəsən, belə bir təsirə malik olmaq duanın fəlsəfəsinin mahiyyətinin dərki və hacətləri tələb etmək üçün kifayət etmirmi?! Dua və hacətlərin tələbinin təsir və səmərəsi İnsan üzərində çoxlu təsiri olduğundan, dua diqqət mərkəzindədir. Xüsusilə də, Məsumların (ə) duaları tərbiyəvi xüsusiyyətlərlə doludur. Buna “Nüdbə” duasını misal göstərmək olar. Agahlıq, qəlbi hüzur və onun möhtəvasına diqqət yetirərək “Nüdbə” duasını oxuyan şəxs sanki bir dövrə imamət və vilayət dərsini oxumuş sayılır. Həmçinin, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi məsələləri başqa dualarda tapmaq olmur. O cümlədən, “Kumeyl” duası paklanma, özünü düzəltmə və tövbə etməyi bizə öyrədir. Belə ki, tövbə edib Allaha sarı dönmək istəyən insana öz yaradanı ilə necə söhbət etmək oxucuya aşılanır. “Məkarimul-əxlaq” duasından İslam etikası ilə bağlı məlumat əldə edə bilərik. İslami dualarda insan üçün həddən artıq tərbiyəvi fayda və səmərə mövcuddur. Biz aşağıdakı qeydlərimizdə onların bir neçəsinə işarə edirik:    1.Tanımaq və maariflənmək. Dua etməyin və duanın özünün əsas səmərələrindən biri də tanımaq və maariflənməkdir. Misal üçün, “Ərəfə” duasını zümzümə edən insan maarif, əqidə və tövhid dərsini keçmiş kimi olur. Bu duada nəzərə çarpan tövhidi başqa dualarda tapmaq olmur. Həmçinin, Əmirəl-mömininin (ə) “Nəhcül-bəlağə” kitabında da Allahı tanımağın yolları ən yüksək səciyyələrlə bəyan olunmuşdur. Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 46-cı xütbəsində bir məsələyə (26) işarə edərək buyurur ki, dua Allahın hüzuruna dua edənlər üçün qəlbi aramlıqdır. İmam buyurur: “أللّهمّ أنت الصّاحب فی السّفر، و أنت الخلیفة فی‏ الأهل، و لا یجمعهما غیرک” “İlahi! Biz səfər edərkən Sən bizimləsən, vətəndə qalan yaxınlarımıza nisbətdə hami və qoruyansan, Səndən başqa, heç kəs onları mühafizə edə bilməz.” Bəli, yalnız Allahdır ki, bütün zaman və məkanlardan xəbərdardır. Eyni zamanda, o, zamanı və məkanı əhatə edəndir. Heç bir yer Ona nə yaxın, nə də uzaq deyil. Yəni, bütün yerlər onun üçün eynidir, uzaq və yaxını yoxdur. Bütün anları və zamanları əhatə edənə həyatımızı tapşırsaq, nə gözəl olar! O, hər bir yerdə bizimlədir. “لأنّ المستخلف لا یکون مستصحبا، و المستصحب لا یکون مستخلفا” Bu duanın son cümləsində qeyd etmək istəyir ki, həm səfərdə olduğumuzda bizimlə olan, həm də bizim vətənimizdəki yaxınlarımızın yanında hazır olan Allahdan başqa, heç kəs bu işə qadir ola bilməz.” Gördüyünüz kimi bu cümlələrin hər bir misrası dua şəklində qeyd edilmiş və dua qəlibində bizə ilahi maarifi öyrədir. İslami dualarda təkcə Allahı tanımaq məsələsi bəyan edilməmişdir, əksinə bu dualar dəryalar qədər mərifətlə doludur. Beləliklə, “Nüdbə” duasını təmiz qəlblə və onun məzmununa diqqət yetirərək oxuyan şəxs, sanki imamət və vilayət dərsi almış şəxs kimidir. “Nüdbə” duasında oxuyuruq: وَ اجْعَلْ صَلَاتَنَا بِهِ مَقْبُولَةً وَ ذُنُوبَنَا بِهِ مَغْفُورَةً وَ دُعَائَنَا بِهِ مُسْتَجَاباً وَاجْعَلْ أَرْزَاقَنَا بِهِ مَبْسُوطَةً وَ” “هُمُومَنَا بِهِ مَکْفِیَّةً وَ حَوَائِجَنَا بِهِ مَقْضِیَّةً Vilayət həqiqətini dərk etmədən bütün qapılar bizim üzümüzə bağlıdır. Belə ki, namazımızın qəbulluğu, günaha batmamağımız, dualarımızın qəbul edilməsi, ruzilərimizin çoxalması və qəmlərimizin aradan qaldırılması vilayət nuru sayəsindədir.  Bu, necə də böyük bir həqiqətdir!     2. Əxlaqi tərbiyə və mənəviyyatın kamilləşməsi Dua etməyin faydalarından biri də əxlaqi tərbiyə və mənəviyyatı kamilləşdirməkdir. Beləliklə, “Məkarimul-əxlaq” duasından bir dövrə islami etika və əxlaqı əldə etmək olar. “Ərəfə” duasında oxuyuruq: “وَ اجْعَلْ غِنَاىَ فِی نَفْسِی” “İlahi! Ehtiyacsızlığımı mənim nəfsimdə (batinimdı) yerləşdir.” Xarici (təbii) aləmdə ehtiyacsızlıq bir şey deyil, çünki onu sərvət toplamaqla əldə etmək olar. Həqiqətdən də, ehtiyacsızlığı batində axtarmaq lazımdır. Ona görə ki, əgər insanın nəfsi ehtiyacsızlıqla sirab olmasa, bütün dünyanı ona versələr də o, yenə də doymayacaq və teşnə olduğunu bildirəcəkdir. Buna vodyanka və ya hid r o pos (bədən boşluğuna su yığılması) xəstəliyini misal göstərmək olar. Hid r o pos xəstəliyinə tutulan şəxs sudan doymur. Əgər ruh Allahın mərifətilə sirab olarsa, dünya onun gözündə dəyərsiz sayılar. (27) Beləliklə, dua mətnlərində əxlaqi tərbiyələr az deyil. İnsan bu duaları oxumaqla təkamül yolunda addımlayaraq səadət zirvəsinə yetişə bilər. Məsumlardan (ə) bizə çatan dualar həqiqətdən də, hamıya mənəviyyat və səadət bəxş edə bilər. Bazar gününün duasını oxuyuruq: “وَ اجْعَلْ غَدِی وَ مَا بَعْدَهُ أَفْضَلَ مِنْ سَاعَتِی وَ یَوْمِى” Allahın bu mesajını can-başla dinləyirik. Diqqətli ol! Ömründən bir gün, hətta bir saat azalır. İrəli addımlamaq lazımdır ki, təzə zirvələri fəth edəsən. Belə olmazsa, ömrünə yaşayıram adını verə bilməzsən və tədricən can verərək ömrünü sona çatdıracaqsan.     3.Təqva və pisliklərdən çəkinmək Dua edən şəxs yaradanın sonsuz qüvvə və himayəsindən istifadə etmək üçün Onunla özü arasındakı rabitəni möhkəmlətməli, Onun pak zatına yaxınlaşmalı və Onun calal və camal sifətlərindən bəhrələnməlidir. Burada belə bir sual yaranır ki, insanın belə çirkinlikləri mənimsədiyi halda, dualarının qəbul olmasının intizarını çəkməsi mümkündürmü? “Kumeyl” duasında belə mənalı cümləni oxuyuruq: “اللَّهُمَّ اغْفِرْلِیَ الذُّنُوبَ الَّتِی تَحْبِسُ الدُّعَاءَ” “İlahi! Dualarımın qəbulluğuna mane olan (onları həbs edərək tutub saxlayan) günahlarımı bağışla!” İnsan bu cümləni dərk etsə, başa düşər ki, günahlarının çoxluğu onun duasının qəbul olmasına mane olur. Bunları dərk etməklə qəflət pərdəsini aradan qaldırmaq olar. Təqvasızlığın və günahkar olmanın mühüm və əsas amillərindən biri də qəflət və xəbərsizlikdir. Beləliklə, duanın əsas xüsusiyyətlərindən biri də insan qəflət yuxusunda və ya hansısa bir məsələdən xəbərsiz olarkən onu həmin məsələdən agah etmısidir. Misal üçün, şiələr mübarək Ramazan ayının gündəlik namazlarını qıldıqdan sonra deyirlər: أَللَّهُمَّ أَدْخِلْ عَلَى‏ أَهْلِ الْقُبُورِ السُّرُورَ، أَللَّهُمَّ أَغْنِ کُلَّ فَقِیرٍ، أَللَّهُمَّ أَشْبِعْ کُلَّ جَائِعٍ، أَللَّهُمَّ اکْسُ کُلَّ عُرْیَانٍ، أَللَّهُمَّ” اقْضِ دَیْنَ کُلِّ مَدِینٍ، أَللَّهُمَّ فَرِّجْ عَنْ کُلِّ مَکْرُوبٍ، أَللَّهُمَّ رُدَّ کُلَّ غَرِیبٍ، أَللَّهُمَّ فُکَّ کُلَّ أَسِیرٍ، أَللَّهُمَّ أَصْلِحْ کُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِینَ، أَللَّهُمَّ اشْفِ کُلَّ مَرِیضٍ، أَللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاکَ، أَللَّهُمَّ غَیِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِکَ، “أَللَّهُمَّ اقْضِ عَنَّا الدَّیْنَ، وَ أَغْنِنَا مِنَ الْفَقْرِ، إِنَّکَ عَلَى‏ کُلِّ شَىْ‏ءٍ قَدِیرٌ، Bu dualar il böyü qafil olduğu işləri insana xatırladır. İnsana xatırladır ki, dünyadan gedənlərin və əli aşağı olanların fikirində ol. Kasıbların problemlərinin həll olması üçün bir yol tapmaq lazımdır. Acların qarınlarını doyuzdurmaq gərəkir. Münasib libas tapa bilməyənlərə yardım etmək lazımdır. Borcunu ödəyə bilməyənlərə kömək etmək lazımdır. Qəmi-qüssəsi olan insanların qəminə şərik olmaq lazımdır. Vətəndən uzaq olan və səfərdə qalan insanlara yardım etmək lazımdır. Zaman keçdikcə yaddan çıxan əsirləri azad etməyin yolunu tapmaq lazımdır. Cəmiyyətdəki fəsadları aradan qaldırmaq lazımdır. (Belə olmasa, ailələrə də zərər dəyəcək) Müsəlman olan xəstələrin şəfa tapması üçün dua etmək lazımdır. Bəzi insanların başı işin çoxluğuna qarışır və onlar mənəviyyətdən qafil olurlar. Dua isə insanı özünə qaytarır və insana xatırladır ki, cismi, ruhi, maddi və mənəvi problemlərin həlli üçün mübarək Ramazan ayında bir çarə qıl. Qəflət pərdələrini kənara çək. Bu ayda elə kəsdən kömək istə ki, bütün işləri yerinə yetirməyə qadir olsun. Beləliklə, duanın əhəmiyyətli sirlərindən biri də insanı müqədiməsi təqva və çəkinmək olan qəflət yuxusundan oyatmaqdır. Çirkinliklərə və günahlara batmaqdan insanı uzaqlaşdıran şey təqvadır. (28)  4.Günahların bağışlanması İnsanların günahlarının bağışlanması da duanın başqa bir təsiridir. Duaların bəziləri insanlara tövbə etməyi və günahların bağışlanması yolunu öyrədir. Buna “Kumeyl” duasını misal çəkmək olar. Tövbə etmək fikrində olan insana bu dua necə “Allahuməğfir li” (İlahi, məni bağışla!) deməyi, öz Allahı ilə necə söhbət etməyi öyrədir. İmamlar (ə) öz dualarında insanlara dua etməyin qaydalarını öyrədirlər. Biz şiələr imamların (ə) məsum olmasına etiqadlıyıq və onların günah etməməsinə inanırıq. Bəzi duaları oxumağın özü də bir sıra günahların bağışlanmasına səbəb olur. Bəzi rəvayətlərə əsasən, bəzi duaları oxumaq və namazdan sonra xanım Zəhranın (s) təsbihatını deməklə şəxs yeni anadan doğulmuş uşaq kimi olar və günahları bağışlanar. Əlbəttə ki, belə növdən olan rəvayətlərə diqqət etmək lazımdır ki, haqqun-nasa (başqasının haqqı) və günahlara mürtəkib olmağa səbəb olmasın (yəni, bağlanacağını bildiyi üçün günah etməyə cürət etməsin). Əlbəttə, şəri baxımdan hədd vurulmasına səbəb olan günahlar dua ilə aradan qalxmır və onlar barədə hədd icra olunmalıdır. Həmçinin qəza və ya kəffarəsi olarsa, şəxs dua etməklə onu aradan qaldırmır, çünki qəza və kəffarə belə əməllərlə saqit olmur. (29)     5. Bəlaların və müsibətlərin aradan qaldırılması İmam Sadiqdən (ə) belə bir hədis nəql olunub: (30) “الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ” “Haqq sahibi dua etdiyi vaxt Allah onun duasını qəbul edər, bəlanı ondan o özü bilmədiyi halda uzaqlaşdırar.” Həmçinin, imam Səccad (ə) Mədinə şəhərində olarkən kasıb bir şəxsin varlı şəxsin qapısında oturduğunu görür. İmam ona buyurur: “Hansı bir şey səni məcbur edir ki, bu zalım sərvətlinin qapısında oturasan?” Dedi: “Bəla!” İmam buyurdu: “Qalx ki, səni bu qapıdan yaxşı və bu şəxsdən yaxşı birinin qapısına yönəldim.” O, şəxsin əlindən tutaraq Məscidun-Nəbiyə apardı. İmam buyurudu: “Üzünü qibləyə tut və iki rükət namaz qıl. Sonra əllərini göyə qaldırıb Allaha həmdi-səna dedikdən sonra, Peyğəmbərə (s) salavat göndər. Beləliklə, “Həşr” surəsinin axırıncı ayələrini, “Hədid” surəsinin ilk altı ayəsini və “Ali-İmran” surəsinin iki ayəsini oxumaqla Allahı çağır. Bundan sonar hər nə hacətin varsa, Allahdan istə. Hər nə istəyin varsa, hacətinə çatacaqsan.” Sonar buyurdu: ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى” رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ (31) “فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ İmam Səccadın (ə) kasib kişi ilə söhbətinin əsas mesajı budur ki, bəlalardan və giriftarçılıqdan yalnız Allaha pənah aparmaq lazımdır, çünki o, pənahsızların sığınacaq yeridir.     6.Ümid və daxili aramlıq Bəzi vaxtlarda insan öz yaşayışında fəaliyyət və təlaşının nəticəsini almadığına görə, həmişə məyus olur və var qüvvəsini sərf edərək yeni bir çıxış yolu tapmağa çalışsa da, bir şeyə hail olmur. Dua insanın qəlbində parıldayan bir ümiddir ki, həyata nur saçaraq qaranlıqları aradan qaldırır. Beləliklə, dua edən şəxs özünü qüdrətli hesab edir və onun üçün hansısa bir problem çətinlik yarada bilmir. Eyni zamanda, bağlı qapıları açmaq onun üçün çox sadə bir məsələyə çevrilir. Dua edən şəxsin dua vasitəsilə əldə etdiyi ümid nəticəsində insanın damarlarından sanki təzə qan axır. Dua, ümid ağacını suvarır. Bu ağac qızmar səhrada problemlər insanı əldən salan zaman, onun üzərinə gölgə salıb çalışmağa sövq etdirir. (32) Bundan əlavə, insanın həyatında baş verən uğursuzluq və müvəffəqiyətsizlik insanı ümidsizliyə düçar edərsə, bu, yeni əsrin psixoloji gərginlik və problemlərindən irəli gələn bir çətinlikdir. Dua bu problem və çətinlikləri aradan qaldıran əsas amildir, çünki bir tərəfdən, ünsiyyət və əxlaqın inkişafına səbəb olur, digər tərəfdən də, duanın bir qaydası da onun digərləri – cəmiyyət – üçün olduğundan, ictimai ruhiyyə yaradır , qeyri-münasib qarşı durmanı azaldır, həmçinin, ümid mənbəyi olan Allaha xatir bihudəlik və puç hissi insandan uzaqlaşdırır və insan yaşayış üçün özünə yeni sığınacaq və böyük hədəflər seçir. Duanın qaydası və hacət istəmək Hər bir ibadət özünəməxsus qayda-qanun və xüsusiyyətlərə malikdir. Quranda “dua” dedikdə ibadət nəzərdə tutulur və o, xüsusi bir ədəbtələb edir. Duanın qayda-qanununa riayət etmək və hacətlər istəmək duanın qəbul olmasında mühüm rol oynayır. İmam Sadiqdən (ə) belə nəql olunub: إیَّاکُمْ أنْ یَسْأَلَ أحَدُکُمْ رَبَّهُ شَیْئَاً مِنْ حَوَائِجِ الدُّنْیَا وَ الآخِرَةِ حَتَّى یَبْدَءَ بِالثَّنَاءِ عَلَى اللّهِ وَ المِدْحَةِ لَهْ وَ الصَّلَوةِ”  (33) “عَلَى النَّبِىِّ وَ آلِهِ ثُمَّ الاعْتِرَافِ بِالذَّنْبِ ثُمَّ المَسْألَةَ “Sizlərdən hansısa biriniz ilk öncə Allaha həmd-səna etməmiş, Onun Peyğəmbəri (s) və Əhli-beytinə (ə) salavat göndərməmiş, günahlarınıza etiraf etməmiş  Allahdan dünya və axirətlə bağlı hacət istəməkdən çəkinsin!” İslami rəvayətlərin çoxunda duanın qayda-qanunlarına və hacət istəməyə işarə olunub. Biz o qayda-qanunlardan bir neçəsini aşağıda qeyd edirik: 1. Allahı adları və sifətləri ilə çağırmaq: “Ğafir”surəsinin ilk ayələrində ilahi ərşi daşıyanlar dua etməyin metod və qayda-qanunlarını möminlərə öyrədir. İlk olaraq “Rəbbəna” deməklə Allahın adından yapışmaq, “وَسِعَتْ کُلَّ شَىْ‏ءٍ رَحْمَةً وَ عِلْماً” (vəsiət kullə şəy-in rəhmətən və ilmən) ifaədısi ilə Onu camal sifəti ilə çağırmaq və Onun sonsuz elmindən və rəhmətindən kömək istəmək, nəhayət, dua edərək hər bir məsələni tərtiblə istəmək, duanın qəbul olma şərtlərinə riayət etmək, camal sifətləri ilə duanı “فَاغْفِرْ لِلَّذِیْنَ تابُوا وَ اتَّبَعُوا سَبِیْلَکَ” (fəğfir lil-ləzinə təbu vət-təbəu səbilək) oxumaqla, sonda isə Onun rəhmətinə təvəssül etməklə sona çatdır. Maraqlısı budur ki, Allahın ərşini daşıyanlar Allahın əsasən “rübubiyyət”, “rəhmət”, “qüdrət”, “elm” və “hikmət” kimi beş xüsusiyyət və sifətinə istinad edirlər. (34) Quranın ayələrini mütailə etdikdə , «اولیاء اللّه» (Allahın övliyaları) yəni Peyğəmbərlərdən, mələklərdən və saleh bəndələrdən tutmuş onların hamısı dua edən zaman «رَبَّنا»، یا «رَبِّى» (rəbbəna və ya rəbbi) ifadəsi ilə başlayıblar. Həzrət Adəm (ə) deyir: “رَبَّنا ظَلَمْنا أَنْفُسَنا” “İlahi! Biz  (mən və mənim hıəyat yoldaşım) özümüzə zülm etdik!” Həzrət Nuh (ə) deyir: “رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ” “İlahi! Məni, atamı və anamı bağışla!” Həzrət İbrahim (ə) deyir: “رَبِّ اغْفِرْ لِی وَ لِوالِدَىَّ وَ لِلْمُؤمِنِیْنَ یَومَ یَقُومُ الْحِسابُ” “İlahi! Qiyamət günü məni, atamı, anamı və bütün möminləri bağışla!” Həzrət Yusif (ə) deyir: “رَبِّ قَدْ آتَیْتَنِى مِنَ الْمُلْکِ” “İlahi! Öz hakimiyyətindən (hökmranlığından) mənə də bəxş etdin.” Həzrət Musa (ə) deyir: “رَبِّ بِما أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَکُونَ ظَهِیْراً لِلْمُجْرِمِیْنَ” “İlahi! Mənə verdiyin nemətlərlə günahkarlara arxa-dayaq olmayacam” İslamın sevilən peyğəmbəri həzrət Məhəmməd (s) buyurur: “رَبِّ أَعُوذُ بِکَ مِنْ هَمَزاتِ الشَّیاطِیْنِ” “İlahi! Mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirirəm!” “Ali-İmran” surəsinin sonuncu ayələrinə əsasən, möminlər dəfələrlə bu ifadəni təkrar edirlər. “رَبَّنا ما خَلَقْتَ هَذا باطِلًا” “İlahi! Yeri və göyü əbəs yerə yaratmamısan!” Belə ifadələrdən istifadə olunur ki, ən yaxşı dua Allahın rəbb olması ilə bağlı sözlərlə başlayan duadır. 1. Mübarək “Allah” kəlməsi yaradanın ən böyük adıdır. Rububiyyət məsələsində də Onun hüzurunda hacət diləyərkən Allahı bu adla çağırmaq daha yaxşı və bəyəniləndir. (35) 2. Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat göndərmək duanın qəbul olmasında həddən artıq təsir qoyur. İmam Sadiq (ə) buyurur: “Allahın hüzurundan hacət tələb edən şəxs, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə başlasa, sonra öz hacətini istəsə və duasının sonunda Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərməklə onu bitirsə, onun duası qəbul olar. Ona görə ki, Məhəmmədə (s) və Əhli-beytinə (ə) salavat göndərmək maneə və hicab sayılan bir şey deyil və Allah duanın əvvəli ilə sonundakı salavatı qəbul edərək duanın orta hissəsini geri çevirməkdən uzaq və daha kərimdir”. (36) Həmçinin, İmam (ə) buyurur: “کُلُّ دُعاءٍ یُدْعَى اللّهُ عَزَّوَجَلَّ بِهِ مَحْجُوبٌ عَنِ السَّماءِ حتّى یُصَلَّى عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ” “Dua edən şəxs, Peyğəmbərə (s) və Əhli-beytə (ə) salavat göndərənə qədər, onun duası səmada saxlanılar. (Yəni, salavat göndərməklə duası qəbul edilər).” (37) 3. Yalvarmaqla: “Duanın qayda-qanunlarından biri də Allaha gizlində yalvarmaqla dua etməkdir. (38)“اُدْعُواْ رَبَّکُمْ تَضَرُّعاً وَ خُفْیَةً” Bir rəvayətə əsasən, imam Sadiq (ə) Əbu Bəsirə buyurub: “Əgər bir şeyin baş verməsindən qorxsan və ya hacətin olsa, Allahın adı ilə dua etməyə başla, Ona layiqli sitayiş et və Peyğəmbərə (s) və Əhli-beytinə (ə) salavat göndər və öz hacətini istə və özünü ağlamağa vur. Atam həmişə deyərdi: “Bəndənin Allaha ən yaxın olduğu vaxt onun səcdədə olduğu və gözlərindən yaş axdığı zamandır.” (39) Əlbəttə ki, belə bir yalvarış şükr etməklə birgə olmalıdır. Qurani-Kərimdə gəlmişdir ki, bir qrup problemlə üzləşən zaman Allahı yalvarışla çağırır, amma nicat tapan zaman Onu yaddan çıxarır. (40) Lakin möminlər belə deyillər. Möminlər Allaha həm çətin, həm də asayişdə olduqları zaman nemətlərinə görə şükr edirlər. Allahın qarşısında yalvarmaq Ondan qorxmaq və Ona ümidlə olmaldır. Quranda buyurur: (41) “وَادْعُوهُ خَوْفاً وَ طَمَعاً” “Allahı həm qorxu, həm də ümidlə çağırın!” İmam Baqir (ə) buyurur: ما مِنْ قَطْرَةٍ أحَبُّ إلىَ اللّهِ عَزَّوَجَلَّ مِنْ قَطْرَةِ دُمُوعٍ فى سَوادِ اللَّیْلِ مَخافَةً مِنَ اللّهِ لایُرادُ بِها”  “غَیْرُهُ(42) “Gecə yarısı Allaha xatir tökülən göz yaşı ən sevilən göz yaşıdır.” 4. Başqaları üçün ümumi dua: “Duanın qayda-qanunlarından biri də cəm şəkildə yerinə yetirilən duadır. İmam Sadiqdən (ə) belə buyurduğu nəql olunub: “ما اجتمع اربعة قط علی امر واحد فدعوا الا تفرقوا عن اجابة” “Dörd nəfər bir yerə yığışıb dua etdikləri zaman, onlar pırakəndə olmamış hacətləri qəbul olar.” Bu üzdən dua məclislərində ümumi surətdə dua etməyə çox təkid olunub, çünki bu cür mərasimlərdə dua ümumi şəkildə olur və hamıya bu duadan nəsib olur və duanın qəbul olunmasında və hacətlərin yerinə yetirilməsində çox təsiri var. İslam peyğəmbəri (s) buyurur: “اذا دعا احدکم فلیعم” “Cəm şəkilində dua edin,” Quranda da cəm şəkildə dua etməyə təkid olunub: (43)“ربّنا آتِنا” (44)،  “ربّنا لا تؤاخِذنا” (45)“ربّنا لا تُزِغْ قُلوبَنا” (46)“فاغْفِر لنا ذُنوبنا” (47)“واجْعَل لنا” (48)“ربّنا ظَلَمْنا أنفُسَنا وإنْ لم تَغْفِر لنا وترْحَمْنا” (49)“ربّنا افْرِغْ علینا صَبْراً” Bundan əlavə, başqalarına, xüsusilə də, övladlara, valideynlərə, dostlara, qonşulara, əsgərlərə və bütün möminlərə dua etmək həm dua edənin, həm də dua olunanların duasının qəbul olmasına səbəb olur. Quranda qeyd edilən və Əhli-beytdən (ə) nəql edilən dualarda başqaları üçün dualar gözə çarpır. (50)“ربّنا اغفر لی ولوالدیّ وللمؤمنین” ربّنا اغفرْ لنا ولإخواننا الذین سبقونا بالإیمان ولا تجعل فی قلوبنا غِلاْ للذین آمنوا ربّنا إنّک رئوف” (51)“رحیم (52)“ربّ اغفر لی ولأخی” (53)“ربّ اغفر لی ولوالدیّ ولِمَن دخل بیتی مؤمناً، وللمؤمنین والمؤمنات” (54)“ربّ اجعلنی مُقیم الصّلاه ومن ذرّیتی” İmam Səccad (ə) “Səhifeyi-Səcadiyyə” kitabında əsgərlər üçün belə dua edir: اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَحَصِّنْ ثُغُورَ الْمُسْلِمیِنَ بِعِزَّتِکَ وَأَیِّدْ حُمَاتَهَا بِقُوَّتِکَ‏ وَأَسْبِغْ عَطَایَاهُمْ مِنْ” جِدَتِکَ. اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَکَثِّرْ عِدَّتَهُمْ وَاشْحَذْ أسْلِحَتَهُمْ وَاحْرُسْ حَوْزَتَهُمْ وَاَمْنَعْ حَوْمَتَهُمْ وَأَلِّفْ جَمْعَهُمْ وَدَبِّرْ اَمْرَهُمْ رَوَاتِرْ بَیْنَ‏ مِیَرِهِمْ وَتَوَّحَدْ بِکِفَایَةِ مُؤَنِهمْ وَاعْضُدْهُمْ بِالنَّصْرِ وَأَعِنْهُمْ بِالصَّبْرِ وَالْطُفْ لَهُمْ فِی “الْمَکْرِ، اَللَّهُمَّ صَلِّ عَلی‏ََ مُحَمَّدٍ وَآلِهِ وَعَرِّفْهُمْ مَا یَجْهَلُونَ وعَلِّمْهُمْ مَا لاَ یَعْلَمُونَ وَبَصِّرْهُمْ مَا لاَ یُبْصِرُونَ (55) “İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və Öz izzətinlə müsəlmanların sərhədlərini qoru, sərhədlərdəki gözətçiləri öz qüdrətinlə gücləndir, bəxşişlərini sonsuz lütfünlə bol et! İlahi! Məhəmməd və onun Əhli-beyinə salam yetir və onların sayını artır, silah və döyüş sursatlarına itilik ver, hərbi hissələrini hifz et, cəbhənin ətraflarını möhkəm və məğlubedilməz elə, onların hamısını can bir qəlbdə həmrəy et, işlərini sahmana sal, azuqələrini ardıcıl çatdır, ehtiyaclarını təklikdə özün ödə, Öz yardımınla onları gücləndir, səbrinlə kömək göstər, onlara çıxış yolu, çarə axtarmaqda təlim ver.” Xanım Zəhra (s) öz ailəsindən qabaq qonşulara dua edir və buyururdu: (56) “الجار ثم الدار” “Gecə namazının qayda-qanunlarından biri də qırx nəfər möminə dua etməkdir. Əlbəttə, o qırx nəfərin adını yad etməklə bərabər olmalıdır. İmam Sadiq (ə) buyurur: (57) “من قدم اربعین رجلا من اخوانه فدعا لهم ثم دعا لنفسه استجیب له فیهم و فی نفسه” “Dua edərkən özündən qabaq qırx nəfər mömin qardaşını dua edən şəxsin həm öz duası, həm də onlara etdiyi dua qəbul olacaq.” Əlbəttə ki, Qurandakı dualarının çoxunda günahlarının bağışlanmağını istəyən vaxtbaşqaları üçün dua edən şəxsin duasının tez qəbul olunacağı da qeyd edilmişdir. Nəhayətdə başqalarına dua etmək hacətlərin qəbul olmasından əlavə, cəmiyyət arasında problemlərin həll olmasına və cəmiyyətin həmrəy olmasına təsir qoyur. 5. Dua edrkən məkan və zamanı nəzərə almaq. Duanın qayda-qanunlarından biri də onun hansı zamanda və hansı məkanda yerinə yetirilməsidir. Bəzi duaların xüsusi bir vaxtda və xas məkanlarda edilməsi tövsiyə edilmişdir. Misal üçün, Rəcəb, Şəban və Ramazan ayları üçün məsum imamlardan (ə) xüsusi dualar nəql olunmuşdur. Bundan əlavə, bəzi zaman və məkanlarda edilən dualar dəyərli və etibarlı olması ilə taınmışdır. Məsələn, həm cümə günü, həm də cümə axşamı xüsusi zaman və məkanlardan ibarətdir. (58) “قالُوا یا أَبانَا اسْتَغْفِرْ لَنا ذُنُوبَنا إِنَّا کُنَّا خاطِئِینَ” “Həzrət Yaqubun (ə) oğlanları atalarından onlar üçün Allahdan bağışlanmaq diləməsini istədilər”: .(59) “قالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّی” “Dedi: “Tezliklə sizin bağışlanmağınızı əzəmətli Allahdan istəyəcəyəm!”” Rəvayətlərə əsasən, həzrət Yaqub (ə) cümə gününün səhərçağı dua etmək istəyirdi, çünki cümə günü dua həm tez qəbul olar, həm də gözəl bir vaxtdır. (60) Həmçinin, bəzi günlər üçün də həddən artıq duaların olduğunu bildirən rəvayətlər mövcuddur. Habelə Kərbəla da duanın qəbul olunması üçün gözəl bir məkandır. Hədisdə bildirilənlərə əsasən, Allah-taala imam Hüseynin (ə) şəhadətinin əvəzində ona dörd xüsusiyyət bəxş etmişdir. Əlbəttə ki, Onun qübbəsinin altında duanın qəbul olması o dörd xüsusiyyətlərdən biridir. (61) Yuxarıda sadaladığımız qayda-qanunlar dua edilməsi və hacət istənilməsi üçün tövsiyə olunmuşdur. Bu barədə əlavə məlumat toplamaq üçün dua kitablarına müraciət edə bilərsiniz. Duanın qəbul olmasının şərtləri Allah-taala Qurani-Kərimdə insanların dualarının qəbul olunmasına vədə vermişdir. Amma bu vədəyə çatmaq üçün bəzi şərtlər lazımdır ki, insanın duaları Allah dərgahında məqbul sayılsın. Qeyd olunan şərtlərin ən mühümləri aşağıdakılardan ibarətdir: 1. Dua qaydalarına riayət edərək hacət istəmək. Əlbəttə, öncəki səhifələrdə bu haqdakı məlumatları nəzərinizə çatdırdıq. 2. Qəlbin saflığı. Beləliklə qəlbin pak və saf olması duanın qəbul olma şərtlərindən biridir. Əmirəl-möminin Əlinin (ə) söhbətlərində onun belə buyurduğunu oxuyuruq: (62 “لایَقْبَلُ اللَّهُ عَزَّوَجَلَّ دُعاءَ قَلْبٍ لاهٍ” “Allah-taala qəflətdə qalan qəlblərin dualarını qəbul etmir.” (63). “إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لَایَسْتَجِیبُ دُعَاءً بِظَهْرِ قَلْبٍ قَاسٍ” “Həqiqətən, Allah paslanmış və günahla dolu qəlblərin dualarını qəbul etməz.” İmam Sadiq (ə) başqa bir hədisdə buyurur: ((64 “(إِنَّ اللَّهَ عَزَّوَجَلَّ لایَسْتَجِیبُ دُعاءً بِظَهْرِ قَلْبٍ ساهٍ” “Həqiqətən, Allah qəflətdə qalan qəlblərin duasını qəbul etməz.” Buna görə də, dua etdiyiniz zaman pak və saf qəlblə və diqqətlə dua edin və duanızın qəbul olunmasına yəqininiz olsun. Yenə də o həzrətdən nəql olunub ki, buyururb: إِیَّاکُمْ أَنْ یَسْأَلَ أَحَدُکُمْ رَبَّهُ شَیْئاً مِنْ حَوائِجِ الدُّنْیا وَ الآْخِرَةِ حَتّى‏ یَبْدَأَ بِالثَّناءِ عَلَى اللَّهِ وَ الْمِدْحَةِ لَهُ وَ” (65) “الصَّلاةِ عَلَى النَّبِیِّ وَ آلِهِ ثُمَّ الإِعْتِرافِ بِالذَّنْبِ وَ التَّوْبَةِ ثُمَّ الْمَسْأَلَةِ “Allaha həmd-səna etməmişdən qabaq, Ondan nəyisə istıməyin və Ona dua etməyin. İlk öncə həzrət Məhəmmədə (s) və onun Əhli-beytinə (ə) salavat göndərin, öz günahınıza etiraf edin, sonra tövbə edərək dua edin.” Çünki insan öz günahlarına etiraf və tövbə edərək pak, təmiz və saf qəlblə dua etməyə başlayır. Deməli, bu hədislərdən əlavə, “Ğafir” surəsinin on dördüncü ayəsinə əsasən (فَادْعُواْ اللَّهَ مُخْلِصِینَ لَهُ الدِّینَ) (66)dində ixlaslı olmaq qəlbi və batini bir məsələ olduğundan bu ayə də ona dəlalət edə bilər. 3. Mal-dövlət və ruzinin halal olması. Qəsbi mallardan və haram ruzidən uzaq olmağın özü duanın tez qəbul olunmasında təsir qoyur. Peyğmbərdən (s) belə nəql olunub: (67) “مَنْ أَحَبَّ أَنْ یُسْتَجابَ دُعائُهُ فَلْیُطَیِّبْ مَطْعَمَهُ وَ مَکْسَبَه” “Duasının tez qəbul olmasını istəyən şəxsin ruzisi və gəliri halal olmalıdır.” Əmirəl-möminindən (ə) belə nəql olunub: اِنَّ اللهَ تَبارَکَ و تَعالیا وحَی الَی المَسیح عیسَی بن مریم قُل للملأ مِن بَنِی اِسرائیل: اِنّی غیر مستجیب” (68)“لاحد منکم دعوة ولاحد مِن خلقی قبله مظلمة “Allah-taala həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrailə desin: “Allah-taala boynunda həqqun-nas (başqalarının haqqı) olan şəxsin duasını qəbul etməyəcək!”” 4. Təlaş və çalışmaq. Duanın qəbul olunmasının kənarında onun qəbul olunması üçün təlaş göstərmək və çalışmaq da lazımdır. Allah-taaladan layiqli həyat yoldaşı və saleh övlad istəyən insan qüdrəti çatan qədər çalışmalı, amma öz gücündən xaric olanı Allaha tapşırmaldır. (69) “أَمَّنْ یُجیبُ الْمُضْطَرَّ إِذا دَعاهُ وَ یَکْشِفُ السُّوء” Qəbul olunan dua, elə duadır ki, iztirar və iztirab halında edilmiş olsun. Əmirəl-möminin (ə) sözlərində oxuyuruq ki, buyurub: (70) “الدَّاعِی بِلا عَمَلٍ کَالرَّامِی بِلا وَتَرٍ!” “Əməlsiz şəxsin duası oxsuz kamana bənzəyir.” Beləliklə, hədəfə dəyməsi üçün oxun irəliləməsi də şərtdir. Buna diqqət yetirməklə əməlin duanın qəbul olması üçün nə dərəcədə əhəmiyyət kəsb etməsi məlum olur. (71) İmam Sadiq (ə) buyurur: أرْبَعَةٌ لَاتَسْتَجَابُ لَهُمْ دَعْوَةٌ: “Dörd insanın duası qəbul olmaz.” 1- رَجُلٌ جَلَسَ فِى بَیْتِهِ یَقُولُ اللُّهُمِّ ارْزِقْنِى، فَیُقَالُ لَهُ ألَمْ آمُرُکَ بِالطَّلَبِ؟ 1. Evdə oturub ruzisinin gəlməsini dua edən şəxsin. 2- وَ رَجُلٌ کَانَتْ لَهُ امْرَأَةٌ فَدَعَا عَلَیْهَا، فَیُقَالَ لَهُ: أَلَمْ اجْعَلْ أمْرَهَا إلَیْکَ؟ 2. Həyat yoldaşının zərərinə dua edən şəxsin. 3- وَ رَجُلٌ کَانَ لَهُ مَالٌ فَأفْسَدَهُ، فَیَقُول: اللَّهُمَّ ارْزُقْنِى، فَیُقَالُ لَهُ أَلَمْ آمُرُکَ بِالإقْتِصَادِ؟ ألَمْ آمُرُکَ بِالإصْلَاح؟! 3. Əlində olan mal-dövlətini tələf edib ruzi istəyən şəxsin. 4- وَ رَجَلٌ کَانَ لَهُ مَالٌ فَاداته بِغَیْرِ بَیِّنَةٍ فَیُقُالُ لَهُ، ألَمْ آمُرُکَ بِالشَّهَادَةِ؟!»(72)؛ 4. Şahid tutmadan malını borc verən şəxsin. Duanın qəbul olmasına mane olan məsələlər Bəzi insanlar dualarının qəbul olmamasından söhbət edirlər. Allahın dərgahından ümidsiz olub özlərini Onun rəhmətindən uzaq hesab edirlər. Buna baxmayaraq, Allah-taala bəndələrinin duasının qəbul olmasına görə vədə vermişdir. Belə isə, bəzi insanların duasının qəbul olmamasının səbəbi nə ola bilər? Nəql olunub ki, bir nəfər imam Əlinin (ə) yanına gəlib duasının qəbul olmamasın barədə şikayət etdi və dedi: “Allah buyurub ki, dua edin, mən sizin duanızı qəbul edərəm, amma nəyə görə mənim dualarım qəbul olmur?” Həzrət Əli (ə) onun cavabında buyurdu: إنَّ قُلُوبَکُمْ خَانَ بِثَمَانِ خِصالٍ: أوّلُها: أنَّکُمْ عَرَفْتُمُ اللهَ فَلَمْ تَؤُدُوا حَقَّهُ کَمَا أوْجَبَ عَلَیْکُمْ فَمَا اغْنَتْ عَنْکُمْ” مَعْرِفَتُکُمْ شَیْئاً. وَ الثَّانِیَةُ: أنَّکُمْ امَنْتُمْ بِرَسُولِهِ ثُمَّ خَالَفْتُمْ سُنَّتَه وَ امنْتُم شَرِیعَتَهُ فَأیْنَ ثَمَرَةُ إیمَانِکُمْ؟ وَ الثَّالِثَةُ: أنَّکُمْ قَرَأْتُمْ کِتَابَهُ المُنْزَلَ عَلَیْکُمْ فَلَمْ تَعْمَلُوا بِهِ وَ قُلْتُمْ سَمِعْنَا وَ أطَعْنَا ثُمَّ خَالَفْتُمْ. وَ الرَّابِعَةُ: أنَّکُمْ قُلْتُمْ تَخَافُونَ مِنَ النَّارِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تُقَدِّمُونَ إلَیْهَا بِمَعَاصیکُمْ فَأیْنَ خَوْفُکُمْ؟ وَ الْخَامِسَةُ: أنَّکُمْ قُلْتُمْ تَرْغُبُونَ فِى الجَنَّةِ وَ أنْتُمْ فِى کُلِّ وَقْتٍ تَفْعَلُونَ مَا یُبَاعِدُکُمْ مِنْهَا فَأیْنَ رَغْبَتُکُمْ فِیهَا؟ وَ السَّادِسَةُ: أنَّکُمْ أکَلْتُمْ نِعْمَةَ المَوْلَى فَلَمْ تَشْکُرُوا عَلَیْهَا. وَ السَّابِعَةُ: أَنَّ اللّهَ أمَرَکُمْ بِعَدَاوَةِ الشَّیْطَانِ وَ قَالَ «إنَّ الشَّیْطَانَ لَکُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوّاً» فَعَادَیْتُمُوهُ بِلَا ثَوْلٍ وَ وَالَیْتُمُوهُ بِلَا مُخَالِفَةً. وَ الثَّامِنَةُ: أنَّکُمْ جَعَلْتُمْ عُیُوبَ النَّاسِ نَصْبَ أعْیُنِکُمْ وَ عُیُوبِکُمْ وَرَاءَ ظُهُورِکُمْ تَلوُمُونَ مَنْ أنْتُمْ أحَقُّ بِاللَّوْمِ مِنْهُ فَأىُّ دُعَاءٌ یُسْتَجَابُ لَکُمْ مَعَ هَذَا وَ قَدْ سَدَدْتُمْ أبْوَابَهُ وَ طُرُقَهَ فَاتَّقُوا اللّهَ وَ أصْلِحُوا أعْمَالَکُمْ وَ “ أخْلَصُوا سَرَائِرَکُمْ وَ آمُرُوا بِالْمَعْرُوفِ وَ انْهُوَا عَنِ الْمُنْکَرِ فَیَسْتَجِیبُ لَکُمْ دُعَائُکُمْ)73( “Sizin qəlb və fikriniz səkkiz şeydə xəyanətə səbəb olub. (ona görə də sizin duanız qəbul olmur”. 1.    Siz Allahı tanımısınız, amma Onun haqqını əda etməmisiniz. Ona görə də, sizin tanımağınız (mərifətniz) vəziyyətinizə xeyir etməmişdir. 2.    Onun göndərdiyinə iman gətirdiyiniz halda, onun sünnəsinə qarşı çıxmısınız. Bəs, sizin imanınızın səmərəsi hardadır? 3.    Onun kitabını (Quranı) oxuyursunuz, lakin ona əməl etmirsiniz. 4.    Siz deyirsiniz ki, Allahın cəzalarından qorxursunuz, amma həmişə elə işlər görürsünüz ki, sizi cəzaya yaxınlaşdırır. 5.    Deyirsiniz ki, Allahın mükafatlarını sevirsiz, amma həmişə elə işlər görürsünüz ki, sizi o mükafatlardan uzaqlaşdırır. 6.    Allahın nemətlərini yeyirsiz, amma şükr etmirsiniz. 7.    Sizə əmr verilib ki, şeytanın düşməni olun, amma siz onunla dostluq planı cızırsınız. 8.    Siz başqalarının eyblərini ifşa edir, amma öz eyblərinizi gizlədirsiniz. Belə olan halda, necə dualarınızın qəbul olmasını istəyirsiniz? Amma görürük ki, siz özünüz bütün qapıları öz üzünüzə bağlamısınız. Təqvalı və saleh əməllərlə məşğul olun. Yaxşılıqlara dəvət edin, pisliklərdən çəkindirin ki, dualarınız qəbul olsun. Əmirəl-mömininin (ə) bəyanına görə duanın qəbul olmamasının səbəbini insan gərək özündə axtarsın. İnsanların Allahdan uzaq düşməsi, günah etməsi və pis işlərlə məşğul olması duanın geri çevrilməsinə səbəb olur. Peyğəmbərdən (s) nəql edilən bir hədisdə oxuyuruq ki, buyurub: سَیَأْتِی عَلَى النَّاسِ زَمَانٌ تَخْبُثُ فِیهِ سَرَائِرُهُمْ، وَ تَحْسُنُ فِیهِ عَلاَنِیَتُهُمْ، طَمَعاً فِی الدُّنْیَا، لاَیُرِیدُونَ بِهِ مَا” عِنْدَ رَبِّهِم، یَکُونُ دِینُهُمْ رِیَاءً؛ لاَ یُخَالِطُهُمْ خَوْفٌ، یَعَمُّهُمُ اللّهُ بِعِقَاب، فَیَدْعُونَهُ دُعَاءَ الْغَرِیقِ، فَلاَ یَسْتَجِیبُ “لَهُمْ»(74) “Elə bir vaxt gələcək ki, insanların batini və daxili pis, çirkin və zahirləri gözəl görünəcək. Bir işi ancaq dünyanı sevdiklərinə görə yerinə yetirəcəklər. Allahın savab və mükafatını istəməyəcəklər. Onların dini yalnız rihakarlıqdan başqa, bir şey olmayacaq. Onlarda Allahın qorxusu olmayacaq. Bu səbəbdən, Allahın onlara qəzəbi tutacaq. Onlar dua edəcəklər, amma duaları qəbul olmayacaq.” Bir şəxs imam Sadiqdən (ə) soruşur: أَلَیْسَ یَقُولُ اللَّهُ ادْعُونِى أَسْتَجِبْ لَکُمْ؟ وَ قَدْ نَرَى الْمُضْطَرَّ یَدْعُوهُ وَ لایُجابُ لَهُ، وَ الْمَظْلُومَ یَسْتَنْصِرُهُ عَلى‏ عَدُوِّهِ فَلایَنْصُرُهُ “Məgər Allah belə buyurmayıb ki, dua edin ki, sizin dualarınızı qəbul edim? İnsanlar dua edir, amma duaları qəbul olmur? Məzlum insanları görürük ki, düşmənə qalib gəlmək üçün Allahdan kömək istəyirlər, amma Allah onlara yardım etmir.” İmam buyurdu: وَیْحَکِ! ما یَدْعُوهُ أَحَدٌ إِلَّا اسْتَجابَ لَهُ، أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى‏ أَنْ یَتُوبَ، وَ أَمَّا الْمُحِقُّ فَإِذا دَعَا اسْتَجابَ لَهُ وَ صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ، أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ، وَ إِنْ لَمْ یَکُنِ الامْرُ الَّذِى سَئَلَ الْعَبْدُ خَیْراً لَهُ إِنْ أَعْطاهُ أَمْسَکَ عَنْهُ (75) “Vay olsun sənin halına! Allah yalnız duasını qəbul etdiyi şəxsi çağırır. Zalımların duası Ona çatmır. Amma ləayqəti olan şəxs dua edərkən duası qəbul olar və bəlanı ondan uzaq edər, şəxsin özü də bəlanın ncə aradan qaldırılmasını bilməz, lakin Allah onun savabını qiyamət günü üçün saxlar. İnsan bilmədən öz zərərinə olan hacəti Allahdan istəyərsə, Allah onun duasını qəbul etməz.” İmam Baqirdən (ə) nəql olunur ki, buyurub: إِنَّ الْعَبْدَ یَسْأَلُ اللَّهَ الْحَاجَةَ فَیَکُونُ مِنْ شَأْنِهِ قَضَاؤُهَا إِلَى أَجَلٍ قَرِیبٍ أَوْ إِلَى وَقْتٍ بَطِی‏ءٍ فَیُذْنِبُ الْعَبْدُ ذَنْباً فَیَقُولُ اللَّهُ تَبَارَکَ وَ تَعَالَى لِلْمَلَکِ لَاتَقْضِ حَاجَتَهُ وَاحْرِمْهُ إِیَّاهَا فَإِنَّهُ تَعَرَّضَ لِسَخَطِی وَ اسْتَوْجَبَ الْحِرْمَانَ مِنِّی (76) “Bəzi vaxtlar insan Allahdan hansısa bir hacəti tələb edir. Sonra günah edir. Allah mələklərə buyurur: “Onun hacətini verməyin və onu bu hacətdən məhrum edin. Çünki mənim qəzəblənməyimə səbəb və mənim fəzlimdən məhrum oldu.”” Bəs, bu nəticəyə gəlirik ki, əgər insan pak, təmiz, saf, saleh əməllə, günahdan uzaq olan vaxt əllərini Allahın dərgahına uzatsa və duanın ədəblərinə riayət etsə, onun duası qəbul olunacaq. İmam Sadiq (ə) öz sözlərində bəndənin duasının qəbul olmasını ən yaxşı formada bəyan etmişdir: 1. Ya müstəcəb olacaq. «اسْتَجابَ لَهُ». 2. Günah və ya zülm etdiyinə görə qəbul olmayacaq. أَمَّا الظَّالِمُ فَدُعائُهُ مَرْدُودٌ إِلى‏ أَنْ یَتُوبَ. 3. Ya da duanın əvəzində hansısa bir bəlanı ondan uzaqlaşdıracaq. صَرَفَ عَنْهُ الْبَلاءَ مِنْ حَیْثُ لایَعْلَمُهُ. 4. Yaxud, qiyamət günü üçün savabı çox olsun deyə onun dualarının savabını saxlayacaq. أَوِ ادَّخَرَ لَهُ ثَواباً جَزِیلًا لِیَومِ حاجَتِهِ إِلَیْهِ. Qaynaq: 1)“Bəqərə” surəsi, ayə 186. “Qaf” surəsi, ayə 16. 3)“Bəqərə” surəsi, ayə 186. 4)“Ğafir” surəsi, ayə 60. 5)“Bəqərə” surəsi, ayə 186. 6)“Furqan” surəsi, ayə 77. 7)Peyğəmbər (s) buyurur: “Əd-Duau huvəl ibədətu” (dua ibadətdir.). “Nəhcül-fəsahə”, hədis. 1590, “Məhcətul-beyza”, c. 2, səh. 282. 8)İmam Baqir (ə) buyurub: “Əfzəlul ibadəti əd-duau” (İbadətlərin ən fəzilətlisi duadır). “Mizanul-hikmə”, bölmə 1189. Hədis 5516 və 5532. 9)Peyğəmbər (s) buyurur: “Əd-duau məxəl ibadəh” (dua, ibadətin əsasıdır (başıdır)”. Yenə orada. 10) Bu dua da ibadəti ilk olaraq dua kimi ifadə edib. Sonra ifadəni dəyişərək ibadət kimi qələmə vermişdir: وَ قالَ رَبُّکُمُ ادْعونى اسْتَجِبْ لَکُمْ انَّ الَّذینَ یَسْتَکْبِرُونَ عَنْ عِبادَتى‏ سَیَدْخُلُونَ جَهَنَّمَ داخِرینَ “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və zəlil şəkildə cəhənnəmə daxil olacaqlar.” 11) Dua və ehtiyaclı olduğunu bildirmək “ibadur-rəhmanın” (ilahi bəndələrin) on ikinci xüsusiyyətlərindəndir. Allah-taala “Furqan” surəsinin yetmiş dördüncü ayəsində on ikinci xüsusiyyəti belə vəsf edir: وَ الَّذِینَ یَقُولُونَ رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَ ذُرِّیَّاتِنَا قُرَّةَ أَعْیُنٍ وَ اجْعَلْنَا لِلْمُتَّقِینَ إِمَاماً “Və o kəslər ki, “ey Rəbbimiz, zövcə və övladlarımızdan bizə göz aydınlığı (saleh, pak və təqvalı nəsillər) əta et və (iman müsabiqəsində və ya dinin əsasları və təlimlərində) bizi təqvalılara başçı et!” deyirlər”. 12) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1. 13) “Məhəccətul-bəyza”, c. 2, səh. 282-283. 14) “Mizanul-hikmə”, bölmə 1189, hədis. 5516 və 5532. 15) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1. 16) “Biharul-ənvar”, cild. 90, səh. 30. 17) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468. 18) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585. 19) “Biharul-ənvar”, cild. 90, səh. 341 və “Üsuli-Kafi”, c. 2, səh. 468. 20) “Biharul-ənvar”, cild. 90, səh. 30. 21) “Mizanul-hikmə”, bölmə. 1196, hədis. 5585. 22) “Üsuli-Kafi”, c. 2, səh. 468. 23) “Üsuli-Kafi”, c. 2, səh. 468, hədis. 1. 24) Cavab tapmaq üçün “Pəyame imam Əmirəl-möminin (ə)”, kitabı c. 2, səh. 519-a müraciət edə bilərsiniz. 25) Ayətullah Məkarim Şirazi, “Pəyame imam Əmirəl-möminin (ə)” c. 2, səh. 520. 26) Yenə orada, səh. 517. 27) Yenə orada, c. 3, səh. 266. 28) Ayətullah Məkarim Şirazi, “Valatərin bəndeqan”, səh. 234. 29) Ayətullah Məkarim Şirazi, “İstiftaate cədid”, c. 3, səh. 575. 30) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsirində. 31) “Asarud-dua fid-dünya”, səh. 55. رُوِىَ انَّ زَیْنَ الْعابِدِینَ مَرَّ بِرَجُلٍ وَ هُوَ قاعِدٌ عَلى‏ بابِ رَجُلٍ، فَقالَ لَهُ: ما یَقْعَدُکَ عَلى‏ بابِ هذَا الْمُتْرِفِ الْجَبَّارِ؟ فَقالَ: الْبَلَاءُ! فَقالَ:قُمْ فَارْشِدُکَ إِلى‏ بابٍ خَیْرٍ مِنْ بابِهِ، وَ إِلى‏ رَبٍّ خَیْرٍ لَکَ مِنْهُ. فَاخَذَ بِیَدِهِ حَتَّى انْتَهى‏ بِهِ الى‏ الْمَسْجِدِ مَسْجِدِ رَسُولِ اللَّهِ، ثُمَّ قالَ: اسْتَقْبِلِ الْقِبْلَةَ وَ صَلِّ رَکْعَتَیْنِ، ثُمَّ ارْفَعْ یَدَیْکَ الَى اللَّهِ عَزَّ وَ جَلَّ فَاثْنِ عَلَى اللَّهِ وَصَلِّ عَلَى رَسُولِهِ، ثُمَّ ادْعُ بِآخِرِ الْحَشْرِ وَ سِتِّ آیاتٍ مِنْ اوَّلِ الْحَدِیدِ وَ بِالْآیَتَیْنِ اللَّتَیْنِ فِی آلِ عِمْرانَ، ثُمَّ سَلِ اللَّهَ سُبْحانَهُ فَانَّکَ لَاتَسْأَلُ شَیْئاً إِلَّا اعْطاکَ». 32) Ayətullah Məkarim Şirazi, “Peydayeşe məzahib”, səh. 101. 33) “Səfinətul-bihar”, c. 1, səh. 448-449. 34) “Təfsire nümunə”, c. 20, səh. 42. 35) Yenə orada, səh. 46. 36) “Üsuli-Kafi”, c. 2, səh. 494, . Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə) bölməsi, hədis. 16. “Vəsailul-şiə”, c. 7, səh. 95, bölmə. 36, hədis. 8833. 37) “Üsuli-Kafi”, c. 2, səh. 493, bab. Əs-səlatu ələn-nəbiyyi Muhəmmədin və Əhli-beytihi (ə), hədis. 10. Vəsailul-şiə, c. 7, səh. 92, bölmə 36, hədis. 8823. 38) “Əraf” surəsi, ayə 55. 39) “Üsuli-Kafi”, c. 2, səh. 482, “Əl-buka” bölməsi, hədis. 6. “Vəsailul-şiə”, c. 15, səh. 228, bölmə 15, hədis. 20347. 40) “Ənam” surəsi, ayə 63-64. تَدْعُونَهُ تَضَرُّعاً وَ خُفْیَةً لَئِنْ أَنْجانا مِنْ هذِهِ لَنَکُونَنَّ مِنَ الشَّاکِرینَ‏، قُلِ اللَّهُ یُنَجِّیکُمْ مِنْها وَ مِنْ کُلِّ کَرْبٍ ثُمَّ أَنْتُمْ تُشْرِکُونَ “De: Yalvarışla (aşkar şəkildə) və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versən, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir, De: «Allah sizi ondan (düçar olduğunuz həmin həlakətdən) və hər bir qəm-kədərdən qurtarır, siz isə yenə də (Ona) şərik qoşursunuz!” 41) “Əraf” surəsi, ayə 56. 42) “Üsuli-Kafi”, c. 1, səh. 484. 43) “Bəqərə” surəsi, ayə 201. 44) “Bəqərə” surəsi, ayə 286. 45) “Ali-İmran” surəsi, ayə 8. 46) “Ali-İmran” surəsi, ayə 16. 47) “Nisa” surəsi, ayə 75. 48) “Əraf” surəsi, ayə 23. 49) “Əraf” surəsi, ayə 126. 50) “İbrahim” surəsi, ayə 41. 51) “Həşr” surəsi, ayə 10. 52) “Əraf” surəsi, ayə 151. 53) “Nuh” surəsi, ayə 28. 54) “İbrahim” surəsi, ayə 40. 55) “Səhifeyi-Səccadiyyə”, dua. 27, “Osve” nəşriyyatından tərcümə və şərh. 56) “Biharul-ənvar”, c. 10, səh. 25. 57) “Mən la yəhzurəhul-fəqih”, Şeyx Səduq, c. 2, səh. 212. 58) “Yusif” surəsi, ayə 97. 59) Yenə orada 98. 60) “Təfsire nümunə”, c. 10, səh. 81. 61) “İrfane islami”, Hüseyn Ənsariyan, c. 6, səh. 235. 62) “Üsuli-Kafi, ” c. 2, səh. 473, “Əl-İqbalu ələd-dua” bölməsi. “Vəsailul-şiə”, c. 7, səh. 54. “Biharul-ənvar”, c. 90, səh. 314-323. 63) “Üsuli-Kafi”, c. 4, səh. 222. 64) “Səfinətul-bihar”, c. 1, səh. 448. “Üsuli-Kafi”, c. 2, səh. 473, hədis. 1. “Vəsailul-şiə”, c. 7, səh. 53, hədis. 8702. “Biharul-ənvar”, c. 90, səh. 305-323. 65) “Səfinətul-bihar”, c. 1, səh. 448-449. 66) “Ğafir” surəsi, ayə 14. 67) “Səfinətul-bihar”, c. 1, səh. 448-449. 68) “Müstədrəkul-vəsail”, c. 5, səh. 271. 69) “Nəml” surəsi, ayə 62. 70) “Nəhcül-bəlağə”, hikmət. 337. “Mən la yəhzuruhul-fəqih”, c. 4, səh. 416, hədis. 5904. “Vəsailul-şiə”, c. 7, səh. 145. “Biharul-ənvar”, c. 75, səh. 60. 71) “Təfsire nümunə”, c. 1, səh. 72) “Üsuli-Kafi”, c. 2, səh. 511. 73) “Səfinətul-bihar”, c. 1, səh. 449. “Biharul-ənvar”, c. 93, səh. 376, hədis. 17. 74) “Vəsailul-şiə”, c. 1, bölmə 11, “müqəddimətu ibadat” bölməsi, hədis. 16. 75) “Təfsire Safi”, “Ğafir” surəsinin 60-cı ayəsinin təfsiri. 76) “Vəsailul-şiə”, c. 7, səh. 144.

QURANI KƏRIM 21.12.2024

“Ali-İmran” surəsi

“Ali-İmran” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. Allah, Ondan başqa heç bir məbud yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar). (O, həmin varlıqdır ki,) sənə əvvəlki kitabların əlamətləri ilə üst-üstə düşən Kitabı haqq olaraq nazil etdi. Tövrat və İncili – ondan əvvəl insanları doğru yola yönəltmək üçün göndərdi. Haqqı batildən ayıran kitabı da nazil etdi. Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab var. Allah (cinayətkarları və inadkar kafirləri cəzalandırmaq üçün) qüdrətlidir, intiqam sahibidir. Göydə və yerdə heç nə Allahdan gizli qalmaz. (Buna görə də onları idarə etmək Ona çətin deyil.) Bətnlərdə sizə istədiyi surəti verən Odur. Qüdrətli və hikmət sahibi olan Allahdan başqa məbud yoxdur. Bu kitabı sənə nazil edən Odur. Onun bir qismi kitabın əsasını təşkil edən “möhkəm” (aydın və aşkar) ayələrdir (digər ayələrdə qarşıya çıxan istənilən anlaşılmazlığa bu ayələr əsasında aydınlıq gəlir), digər qismi isə “mütəşabeh”dir. (Məzmun səviyyəsi çox yüksək olduğu üçün, habelə digər cəhətlərdən ilk baxışda müxtəlif ehtimallar irəli sürülməsinə səbəb olan, lakin “möhkəm” ayələr əsasında mənalarına aydınlıq gələn ayələrdir.) Qəlblərində sapma olanlar fitnə-fəsad törətmək (insanları sapdırmaq) və (yanlış) yozmaq məqsədilə mütəşabeh ayələrin ardınca düşərlər. Onun yozumunu isə Allah, dəyişməz və sabit bilgiyə malik olanlardan başqa heç kəs bilməz. (Quranın bütün ayələrinin sirlərini ilahi elm və maarif əsasında dərk etmək istəyənlər) deyərlər: “Biz onların hamısına iman gətirdik, hamısı bizim Rəbbimiz tərəfindəndir”. (Bu həqiqəti) yalnız ağıl sahibləri dərk edərlər. (Dəyişməz və sabit bilgiyə malik olanlar deyərlər:) Ey Rəbbimiz! Bizi haqq yola yönəltdikdən sonra qəlbimizi (haqq yoldan) sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Çünki Sən mərhəmətlisən. Ey Rəbbimiz! Sən insanları (baş verəcəyinə) şübhə edilməyən bir gündə toplayacaqsan. Çünki Allah Öz vədinə xilaf çıxmaz! (Biz Sənə, Sənin rəhmətinə və Qiyamət vədinə iman gətirmişik.) ————————————————————————— “Ali-İmran” surəsinin ümumi məzmunu: Tövhid, Allahın sifətləri, məad, İslamın digər maarifləri, cihad, bəzi İslam hökmləri, çətinliklər qarşısında dözümlü olmağın zəruriliyi, Allahın imtahanları, peyğəmbərlərin (ə) tarixindən xatırlatmalar[1]. Möhkəm və mütəşabeh ayələr: Allah-taala bu ayədə Quranın ayələrini möhkəm və mütəşabeh olmaqla iki qismə bölmüşdür. Möhkəm ayələr mənaları heç bir mübahisə doğurmayacaq qədər aydın olan ayələrdir. “De: O Allah birdir” (Tövhid surəsi, ayə-1), “Ona bənzər heç bir şey yoxdur” (Şura surəsi, ayə-11), “Oğula iki qız hissəsi qədər pay düşür” (Nisa surəsi, ayə-11) və sair kimi ayələr digər ayələrin əsasını təşkil etdiyi, onların izahedicisi olduğu üçün Quranda “Kitabın anası” adlandırılmışdır. Bunlardan fərqli olaraq, ilk baxışda mənaları anlaşılmayan, başa düşülməsi çətin görünən, bəzən müxtəlif ehtimalların irəli sürülməsinə səbəb olan ayələr də var. “Allahın əli onların əllərinin üstündədir” (Fəth surəsi, ayə-10), “Allah eşidəndir, biləndir” (Bəqərə surəsi, ayə-234) və sair ayələri misal göstərmək olar. Təbii ki, Allahın nə əli var, nə də qulağı. Bu sözlər Allahın qüdrət və elmini ifadə edir. Bunlar Quranın mütəşabeh ayələridir. Onlarla bağlı yaranmış anlaşılmazlığa aydınlıq gətirmək üçün möhkəm ayələrə müraciət etmək lazımdır. Məsələn, “Allahın əli onların əllərinin üstündədir” ayəsi ilə “Ona bənzər heç bir şey yoxdur” ayəsi ilə uzlaşdırsaq, görərik ki, “Allahın əli” deylərkən heç də başa düşdüyümüz əl nəzərdə tutulmur. Çünki Allahın heç bir bənzəri yoxdur. Bununla da Allahın əlinin olması ilə bağlı təsəvvür yaranmasının qarşısı alınır. İmam Rza (ə) buyurmuşdur: “Mütəşabeh ayələri möhkəm ayələrlə uzlaşdıran şəxs düz yola yönələr.” Ayədə mütəşabeh ayələrin yozumunun, son məqsəd və mənasının olduğu qeyd edilmişdir. Yəni Quranda sirləri və dərin mənaları olan ayələr var. Ancaq azğın fikirli və pis niyyətli insanlar onları səhv yozur, özlərini və başqalarını aldatmaq üçün bu yozumlara əsaslanırlar. Bu ayənin nazilolma səbəbi ilə bağlı bir hədis nəql etmişlər. Həmin hədisin məzmunu belədir: Peyğəmbərin (s) yanına gəlmiş bir qrup yəhudi müqəttəə hərfləri olan “Əlif, Lam, Mim” hərflərini əsas götürərək dedi: “Əbcəd hesabı ilə “Əlif” 1-ə, “Lam” 30-a, “Mim” isə 40-a bərabərdir. Nəticədə, bu hesabla sənin ümmətinin ömrü 71 ildən artıq olmayacaq.” Peyğəmbər (s) bu yanlış düşüncənin qarşısını almaq üçün buyurdu: “Siz nə üçün təkcə “Əlif, Lam, Mim”-i hesablayırsınız? Məgər Quranda “Əlif, Lam, Mim, Sad”, “Əlif, Lam, Ra” və sair kimi müqəttəə hərfləri yoxdur? Nə üçün hamısını hesablamırsınız?” Həmin mübahisədən sonra bu ayə nazil oldu. Ayənin sonunda mütəşabeh ayələrin mənasının yalnız Allah, sabit və qətiyyətli bilgiyə malik olan şəxlslərə məlum olduğu qeyd edildi. Çoxlu sayda hədislərdə “sabit və qətiyyətli bilgiyə malik olan şəxslər” deyilərkən Peyğəmbər (s) və məsum imamların nəzərdə tutulduğu, mütəşabeh ayələrin rəmzi mənalarını və sirlərini yalnız onların bildiyi qeyd edilmişdir. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə qeyd edilmişdir: “Sabit və qətiyyətli bilgiyə malik olanlar bizik. Biz mütəşabeh ayələrin yozumunu bilirik.” Burada bir məsələyə də aydınlıq gətirilməsi yerinə düşər. Sual oluna bilər ki, nə üçün Quranın ayələrinin bir hissəsi mütəşabehdir? Bu suala iki mühüm cavab verilmişdir: 1. İnsanların istifadə etdikləri söz və ifadələr onların gündəlik ehtiyacalarını ödəmək üçün yaradılmışdır. Adi həyat çərçivəsindən çıxdıqda bu sözlər öz mənalarını itirir. Məsələn, dünyanın sonsuz Rəbbindən söz düşdükdə sözlərin yetərsizliyi daha aydın şəkildə hiss olunur. Mütəşabeh ayələrin bir hissəsinin anlaşılmazlığı bu yetərsizliklə bağlıdır. Məsələn, “Allahın əli onların əllərinin üstündədir” ayəsinin mənası möhkəm ayələr vasitəsilə məlum olur. 2. Mütəşabeh ayələrin olması insanların Peyğəmbərə (s) və həqiqi xəlifələrə olan ehtyaclarını daha yaxşı şəkildə göstərir. Bu, elmi ehtiyacdan irəli gələrək insanların onlara müraciət etməsinə və onları rəsmən tanımalarına səbəb olur[2]. Nə sərvətləri, nə də övladları kafirləri Allahın (əzabından) xilas edə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar. (Onların həqiqətləri inkar və təhrif etmədəki adətləri) Firon nəslinin və onlardan əvvəlkilərin adətinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: “(Ühüd döyüşündəki müvəqqəti qələbənizə görə sevinməyin.) Tezliklə məğlub olacaq, sonra (Qiyamətdə) Cəhənnəmə doğru toplanılacaqsınız! Ora nə pis yerdir!” (Bədr döyüşündə) qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir əlamət (ibrət dərsi) var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi (Şeytan və büt yolunda idi). Kafirlər onların (möminlərin) sayca ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Bu isə onların qorxuya düşməsinə və məğlubiyyətə uğramasına səbəb oldu.) Allah istədiyi (layiq gördüyü) kəsi Öz köməyi ilə qüvvətləndirir. Bunda bəsirət sahibləri üçün bir ibrət vardır. Qadınlar, uşaqlar, yığın-yığın qızıl-gümüş, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi maddi vasitələrə qarşı sevgi (imtahan və tərbiyə olunmaları üçün) insanların gözünə gözəl göstərilmişdir. (Amma) bunlar (insanın son məqsədinə çevriləcəyi təqdirdə), aşağı həyat sərmayəsidir, gözəl sonluq (yüksək və əbədi həyat) Allah dərgahındadır. De: “Sizə bundan (maddi sərmayələrdən) daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbləri yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları bağlar, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarının (əməllərini) görür. ———————————————————————- Quranda kafirlərin məğlub olacağı öncədən xəbər verilmişdir: Bu ayənin nazilolma səbəbindən bəhs edən rəvayətlərdə qeyd edilir ki, müsəlmanların Bədr döyüşündəki qələbəsindən sonra bir qrup yəhudi dedi: “Bizim öz dini kitablarımızda haqqında məlumat verilən, heç bir döyüşdə məğlub olmayan ümmi (təhsil görməmiş) peyğəmbər həmin peyğəmbərdir.” Başqa bir dəstə dedi: “Tələsməyin, başqa bir döyüş olar, o zaman bu haqda danışarıq.” Müsəlmanların zahiri məğlubiyyəti ilə nəticələnən Ühüd döyüşü baş verdikdən sonra dedilər: “Yox, and olsun Allaha, bizim kitabımızda müjdə verilən peyğəmbər bu deyil”. Bu hadisədən sonra İslamı qəbul etməməklə yanaşı Peyğəmbərə (s) və müsəlmanlara qarşı olan kin-küdurətləri daha da artdı. Hətta müsəlmanlara hücum etməməklə bağlı Peyğəmbərlə (s) bağladıqları müqaviləni razılaşdırılmış müddət başa çatmazdan əvvəl pozdular. Kəb ibn Əşrəfin müşayiəti ilə altmış süvari Məkkəyə yollandı. Məkkədə müsəlmanlara qarşı birgə mübarizə aparmaq haqqında razılığa gəlib Mədinəyə geri döndülər. Bu ərəfədə Ali-İmran surəsinin 12-ci ayəsi nazil oldu. Ayədə onlara nəticəni işin sonunda hesablamaq tövsyəsi və tezliklə məğlub olacaqları xəbəri verildi. Nəzərə almalıyıq ki, bu ayə Ühüd döyüşündən sonra məğlubiyyətə uğramış müsəlmanların malik olduqları qüdrət və nüfuzlarını zahirən itirməsindən, İslam düşmənlərinin koalisiya haqqında razılığa gəlməsi, güc və qüdrət əldə etməsindən sonra nazil olub. Deməli, müsəlmanların yaxın gələcəkdə qələbə çalacağını öncədən açıq şəkildə xəbər verdiyi üçün onu Quranın möcüzə ayələrindən hesab etmək olar. Çünki burada öncədən açıq şəkildə verilmiş xəbər tam şəkildə reallaşmış və müsəlmanlar on ildən az bir müddətdə istər əhdini pozan yəhudilər olsun, istərsə də müşriklər, bütün düşmənlərini məğlub etmişlər[3]. Bədr müharibəsində azsaylı müsəlmanların Allahın yardımı ilə qələbə çalması: Bu ayədə Bədr müharibəsinin keyfiyyətindən danışılır. Təfsirçilərin yazdığına görə, Bədr döyüşündə müsəlmanların sayı 313 nəfər olmuşdur. Onların 77 nəfəri mühacir, 236 nəfəri isə ənsardan olmuşdur. Mühacirlərin bayraqdarı Əli (ə), ənsarın bayraqdarı isə Səd ibn Übadə olmuşdur. Bu böyük döyüşə müsəlmanlar yetmiş dəvə, iki at, altı zireh, səkkiz qılıncla getmişdilər. Halbuki sayı mindən çox olan düşmən qoşununun kifayət qədər silah-sursatı və yüz atı olmuşdur. Həmin döyüşdə (on dördü mühacirdən, səkkizi isə ənsardan olmaqla) iyirmi iki şəhid verən müsəlman qoşunu düşmən üzərində qələbə çalmışdır. Düşmən tərəfdən yetmiş nəfər ölmüş, yetmiş nəfər əsir alınmışdır. Müsəlmanlar tam qələbə ilə Mədinəyə geri dönmüşdülər. Ayədə Allahın Bədrdə möminlərə göstərdiyi qeyb yardımlarının cüzi bir hissəsindən xəbər verilmişdir. Ayədə qeyd edilir ki, müşriklərin gözündə möminlərin sayı olduqlarından iki dəfə artıq görünmüşdür. Yəni möminlərin sayı 313 nəfər olduğu halda, müşriklərin gözündə 600 nəfərdən çox görünmüşdür. Bu ilahi yardım onlarda qorxu hissini artırmış və məğlubiyyətlərində rol oynamışdır. Halbuki döyüş başlamazdan əvvəl bunun əksi baş vermişdir. Onlar müsəlmanlara təhqiramiz nəzərlərlə baxdıqları üçün saylarının göründüklərindən az olduğunu güman etmişdilər. Başqa sözlə desək, döyüş başlamazdan əvvəl Allah müsəlmanların sayını düşmənlərin gözündə olduqlarından az göstərmişdir. Bundan qürurlanan düşmən döyüşə girmiş, döyüş başqladıqdan sonra isə Allah müsəlmanların sayını düşmənlərin gözündə çox göstərməklə onları qorxuya salmış, nəticədə, məğlub olmalarına zəmin yaratmışdır. Digər tərəfdən isə Allah müsəlmanların döyüş ruhiyyəsini, əzmkarlığını və gücünü artırmaq üçün düşmənlərin sayını onların (müsəlmanların) gözündə az göstərmişdir. “Ənfal” surəsinin 44-cü ayəsində bu məsələyə işarə edilmişdir: “Döyüş meydanında düşmənlə üz-üzə gəldiyiniz zaman Allahın olacaq işi yerinə yetirmək (döyüş ruhiyyənizin zəifləməməsi) üçün onları sizin gözünüzdə (sayca) az göstərdiyi, (məğlubiyyətləri ilə nəticələnəcək döyüşdən imtina etməmələri üçün) sizi də onların gözündə azaltdığı vaxtı xatırlayın…”[4] “Ey Rəbbimiz! Biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi (Cəhənnəm) odun(un) əzabından qoru!”– deyənlər – (çətinliklər qarşısında, itaət və günahı tərk etmək yolunda) əzmkarlıq göstərən, doğru danışan, (Allaha) müti olan, (malından Allah yolunda) xərcləyən və sübh vaxtı bağışlanma diləyən kimsələrdir. Bütün işləri haqq-ədalətə əsaslanan Allah (yaranış aləmində vahid nizam yaratmaqla) Özündən başqa heç bir məbud olmadığına şahidlik edir. Mələklər, elm sahibləri də (buna ayrı-ayrı şəkillərdə) şahidlik edirlər. Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur, həm qüdrət, həm də hikmət sahibidir. Allah dərgahında din İslam (haqq qarşısında təslim olmaq)dır. Səmavi kitab verilənlər yalnız bildikdən və xəbərdar olduqdan sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki, Allah onu sorğuya çəkəcək. Çünki) Allah dərhal haqq-hesab çəkəndir. Əgər səninlə mübahisəyə qalxsalar, (onlarla mübahisə etmə,) de: “Mən və ardıcıllarım, özümüzü Allaha təslim etmişik!” Kitab göndərilmişlərə (yəhudi və xristianlara) və savadsızlara (müşriklərə) isə de: “Siz də təslim olursunuzmu?” Əgər (Haqqın fərmanı və məntiqi qarşısında) təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, (narahat olma, çünki) sənin öhdənə düşən ancaq təbliğ etməkdir. Allah bəndələrini görür. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə qətlə yetirənləri və ədalətə çağıran insanları öldürənlərə şiddətli əzab veriləcəyini xəbər ver. Onların əməlləri (bu böyük günahlarına görə) həm bu dünyada, həm də axirətdə puça çıxacaq, yardımçıları (şəfaətçiləri) olmayacaqdır. ————————————————————————————- Sübh vaxtı bağışlanma diləmək: Məsumların (ə) hədislərinə əsasən “sübh vaxtı bağışlanma diləmək” deyilərkən gecə namazı və onun sonuncu qunutunda (gecə namazının sonuncusu bir rükətli vitr namazında) dilənən bağışlanma nəzərdə tutulur. İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bir il vitr namazında ayaq üstə durmuş vəziyyətdə “əstəğfirullahə rəbbi və ətubu iləyh” desə, Allah-taala onu “sübh vaxtı bağışlanma diləyən”lərdən edər və Allahın onu bağışlaması qaçılmaz olar.”[5] Bütün dinlərin ruhu: Allah-taala bu ayədə buyurur ki, zamanından asılı olmayaraq, dinin mahiyyəti Allah və onun göstərişləri qarşısında təslim olmaqdan ibarətdir. İslam peyğəmbərinin (s) dini təslimolmanın ən ali və kamil nümunəsi olduğu üçün İslam adlandırılmışdır. Kəlamlarının birində möminlərin əmiri İmam Əli (ə) İslamın həqiqətini belə izah etmişdir: “İslamın həqiqəti Haqq qarşısında təslim olmaqdır. Təslim olmaq isə yəqin olmadan mümkün deyil. (Yəqinsiz təslim başa düşərək deyil, kor-koranə təslimdir.) Yəqin təsdiqlə (təkcə bilmək kifayət etmir, qəlbən inanmaq və təsdiq etmək də şərtdir), təsdiq etirafla (inam və imanın təkcə qəlbdə və ruhda olması da yetərli sayılmır, onu cəsarətlə izhar etmək də lazımdır), etiraf məsulyyət və öhdəliklə (etiraf təkcə sözlü ifadə deyil, məsuliyyət qəbul etmək və öhdəlik götürməkdir), məsuliyyət və öhdəlik əməl etməklə (Allahın fərmanını yerinə yetirmək və ilahi proqramları icra etməklə) şərtlənir.” Deməli, öhdəlik və məsuliyyət əməllə şərtlənir. Güclərini yalnız danışıqlara, layihələrə, iclaslara və bu kimi işlərə sərf edənlərin işi yalnız danışmaqdan ibarətdir. Onlar nə öhdəlik və məsuliyyət qəbul ediblər, nə də İslamın ruhundan xəbərdardırlar. Bu, bütün aspektlərdən İslamla bağlı qeyd edilmiş ən parlaq izahdır[6]. Həbt və təkfir (püç etmə və silmə): Ayədə Allahın ayələrini inkar edənlərin, peyğəmbərləri haqsız yerə öldürənlərin və ədalətə çağıran insanları qətlə yetirənlərin əməllərinin axirətdə puç olacağı buyurulmuşdur. Bu iki ifadəyə Quranın çox yerində rast gəlinir. “Həbt” sözünün mənası keyfiyyətini itirmək, puç olmaq deməkdir. “Təkfir” “həbt” sözünün antonimidir. Onun mənası yaxşı işlərə görə cəza verilməməsi, keçmiş günahların təsirinin aradan qaldırılmasıdır. Bunu belə izah edirlər: Bəzən insan uzun illər zəhmət çəkir və çətinliklə külli miqdarda sərvət toplayır, amma cəhalət və eyş-işrət aludəliyi üzündən onu itirir. Yəni keçmiş yaxşılıqlarının hamısı puç olur. Bəzən insan çoxlu səhvlərə yol verir, amma ağıllı və hesablanmış bir davranışla bütün səhvlərinin üstündən xətt çəkdirir. Buna səhvlərin bağışlanılması və günühların silinməsi deyilir. Mənəvi məsələlərdə də bu belədir[7]. Aralarında hökm verilməsi üçün (səmavi) kitabda payı olan şəxslərin Allah kitabına tərəf dəvət olunduqlarını, sonra bir dəstəsinin (haqqı qəbul etməkdən) imtina edərək üz çevirdiyini görmədinmi? Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar! (Digər xalqlardan üstün olduğumuz üçün bizim cəzamız çox az olacaq)”– demələrinə görədir. (Allaha atdıqları) bu iftira onların öz dinləri ilə öyünməsinə səbəb oldu (nəticədə, günahlar törətdilər). Elə isə onları (baş verəcəyi ilə bağlı heç bir) şəkk-şübhə olmayan, hər kəsə qazandığının əvəzi ödəniləcəyi, heç bir haqsızlıq edilməyəcəyi gün (Qiyamət günü) topladıqda (onların halı) necə olacaq? De: “Ey mülklərin maliki olan Allah! Sən istədiyin şəxsə hakimiyyət verir, istədiyindən də geri alırsan; istədiyini ucaldır, istədiyini də xar edirsən. Bütün xeyirlər Sənin əlindədir. Sən hər şeyə qadirsən. Sən gecəni gündüzə, gündüzü isə gecəyə daxil edirsən; ölüdən diri, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”. Möminlər möminləri qoyub kafirləri özlərinə dost və hami seçməsinlər! Belə edən şəxsin Allahla heç bir əlaqəsi yoxdur. (Onun Allahla olan əlaqəsi tamamilə kəsilər.) Ancaq onlardan ehtiyat etməyiniz (daha mühüm hədəflər üçün təqiyyə etməyiniz) istisnadır. Allah sizi Özündən (Ona itaətsizlik göstərməkdən) çəkindirir. Dönüş yalnız Allahadır. De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir. ——————————————————————————- Ölüdən diri, diridən isə ölü çıxarmaq: “Ölüdən diri çıxarmaq” deyilərkən həyatın cansız varlıqlardan yaranması nəzərdə tutulur. Bilirik ki, yer kürəsi həyatı qəbul etməyə hazır olduğu vaxt canlı varlıqlar cansız maddələrdən yaradıldılar. Bundan əlavə, bizim və kainatın bütün canlı varlıqlarının bədənində cansız maddələr hüceyrələrin tərkbində davamlı olaraq canlı varlığa çevrilirlər. Canlı varlıqların ölməsi isə hər zaman gözlərimiz önündə baş verən hadisədir. Bu ayənin təfsiri kontekstində daha üstün məna da qeyd edilmişdir. Həmin izah mənəvi həyat və ölümlə bağlıdır. Belə ki, bəzən həqiqi ölülər hesab edilən imansız insanlardan həqiqi həyat sahibi olan imanlı şəxslər törəyir, bəzən isə əksinə olur. Quranın bir çox ayəsində küfr və iman mənəvi ölüm və həyat kimi izah edilmişdir. Əhli-beyt (ə) hədisləri də bunu təsdiq edir[8]. Təqiyyə: Təqiyyə Quran və hədislərə əsasən icazə verilmiş, ağılla da qəbul edilən davranışlardandır. Belə ki, insan düşmənin qorxusundan zahirdə onunla həmrəy və həmfikir ola bilər. Çünki Allah-taala yalnız haqqın yaşamasını və ona yeni ruh bəxş etmək istəyir. Təqiyyə və zahirdə düşmənin istəyinə uyğun şəkildə davranmaq çox vaxt dinin maraqlarının qorunmasında təqiyyənin tərk edilməsindən və nəticədə qətllə nəticələnən davranışdan daha çox rol oynayır. Bu ayədə xüsusi şəraitlərdə təqiyyəyə əməl edilməsinə icazə verilmişdir. Təqiyyə ilə bağlı çoxlu sayda hədis də nəql edilmişdir. Peyğəmbər (s) buyurmuşdur: “Təqiyyəsi olmayanın dini yoxdur”. İmam Baqir (ə) buyurmuşdur: “İnsan istər-istəməz hər şeydə təqiyyə etmək məcburiyyətində qalır. Buna görə də Allah təqiyyəni halal buyurmuşdur.”[9] Amma burada nəzərə alınması mühüm olan nüans budur ki, təqiyyə hər yerdə də eyni hökmə malik deyil. Bəzən vacib, bəzən halal, bəzən isə haramdır. Təqiyyə insanın canının heç bir faydası olmadan təhlükəyə düşdüyü şəraitdə vacibdir. Batil və fəsadın yayıldığı, insanların haqq yoldan sapdığı, zülm və haqsızlığın gücləndiyi şəraitdə təqiyyə haram və qadağandır[10]. Daha ətraflı məlumat almaq üçün “Nəhl” surəsinin 106-cı ayəsinə müraciət edin. Hər kəs etdiyi yaxşı və pis əməlləri (qarşısında) hazır görəcəyi gün özü ilə pis əməlləri arasında çox böyük zaman fasiləsi olmasını arzulayacaq. Allah sizi Özündən (Özünə qarşı itaətsizlik göstərməkdən) çəkindirir. Allah bütün bəndələrinə qarşı mehribandır. De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, rəhimlidir”. De: “Allaha və Peyğəmbərə itaət edin!” Əgər boyun qaçırsalar, şübhəsiz ki, Allah kafirləri sevməz. Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın aləsini aləmlərdən üstün etdi. Onlar (təmizlik, təqva və fəzilət baxımından) biri digərindən törəmiş övladlar (nəsil) idilər. Allah eşidəndir, biləndir. (Onların öz peyğəmbərlik missiyası yolunda göstərdkləri səylərdən xəbərdardır.) (Xatırlayın) bir zaman İmranın zövcəsi demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə xidmətçi olması üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Sən eşidənsən, bilənsən!”. Onu dünyaya gətirdikdən sonra (qız olduğunu görüb) demişdi: “Ey Rəbbim! Mənim qızım oldu. (Allah onun dünyaya nə gətirdiyini daha yaxşı bilirdi.) Oğlan qız kimi deyil. (Qız məbəddə oğlan kimi xidmətçilik edə bilməz.) Mən onun adını Məryəm qoydum, onu və onun nəslini qovulmuş Şeytandan (qorunmağı) Sənə həvalə edirəm”. Rəbbi onu (Məryəmi) yaxşı və layiqli şəkildə qəbul etdi, onu gözəl bir fidan kimi yetişdirdi (bəslədi) və onun qəyyumluğu Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə orada xüsusi bir yemək olduğunu görərdi. Ondan: “Məryəm, bunu haradan gətirmisən?” – deyə soruşduqda o: “Bu, Allah tərəfindəndir! Allah istədiyi şəxsə syasız-hesabsız (və ya heç bir sorğu-sulasız) ruzi verər.” – deyə cavab verərdi. ———————————————————————————– Əməllərin təcəssümü: Quranın bu və başqa ayələrində Qiyamətdə insanın yaxşı və pis əməllərinin hər birinin bir formada təcəssüm edəcəyi və məhşərdə hazır olacağı qeyd edilir. “Təcidu” sözü “vicdan” sözündən yaranmış, mənası tapmaq deməkdir. Yəni hər kəs Qiyamətdə öz əməllərini tapacaq və özü ilə pis əməlləri arasında çox böyük fasilə yaranmasını arzu edəcək. Çoxlu sayda ayə bu həqiqəti təsdiq edir. “Kəhf” surəsinin 49-cu ayəsində Qiyamət günü günahkar insanın bütün keçmiş əməllərini qarşısında hazır görəcəyi qeyd edilmişdir. “Zilzal” surəsinin 7 və 8-ci ayələrində belə buyurulmuşdur: “Kim zərrə qədər yaxşılıq etsə, onu görər. Kim zərrə qədər pislik etsə, onu görər.” Buna görə də Qiyamət günü insan özü yaxşı və ya pis əməlini tapacaq. Çoxlu sayda hədis də bu məzmunu təsdiq edir. Peyğəmbər (s) ondan nəsihət etməsini istəyən bir şəxsə belə buyurmuşdur: “Ey Qeys, bir dostun var ki, mütləq səninlə birlikdə dəfn olunacaq. Sən ölü olduğun halda o diridir. Əgər o yaxşı və xeyirli olsa, sənə yaxşılıq edəcək, yox əgər pis olsa, səni (dəhşətli hadisələrlə) baş-başa buraxacaq. Sonra o yalnız səninlə qaldırılacaq. Sən də Qiyamət səhnəsinə yalnız onunla gələcəksən. Səndən onun haqqında soruşulacaq. Buna görə də onu layiqli yerinə yetir. Çünki layiqli olsa, onunla ünsiyyətdə olarsan, əks təqdirdə, yalnız ondan qorxacaqsan. O, sənin əməlindir.”[11] İmam Sadiq (ə) belə buyurmuşdur: “Ölü qəbrə qoyulduqdan sonra qarşısında bir şəxs peyda olub ona deyər: Ey insan, biz üç nəfər idik, biri sənin ölümünlə sona yetən ruzin; digəri səni qoyub gedən ailən, üçüncüsü mənəm – səninlə qalan əməlin. Amma sənin nəzərində o ikisindən ən az dəyərlisi mən idim.”[12] Əhli-beytin (ə) üstünlüyü: Əllamə Təbatəbai hesab edir ki, “İbrahimin ailəsi” deyilərkən nəsil şəcərəsi İsmail (ə) vasitəsilə İbrahim-Xəlilə (ə) çatan məsumlar nəzərdə tutulur. Onlar İslam peyğəmbərinin (s) məsum övladlarıdırlar. İmam Rza (ə) ilə Məmunun dialoqunu əks etdirən bir rəvayətdə belə qeyd edilir: “Məmun soruşdu: – Allah Peyğəmbərin (s) qohumlarını başqalarından üstün tutubmu? İmam (ə) buyurdu: –  Allah qohumların digər insanlardan üstün olduğunu Quran ayələrində buyurmuşdur.” Məmun dedi: – Quranın harasında? İmam Rza (ə) buyurdu: – “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın aləsini aləmlərdən üstün etdi” ayəsində.”[13] İmranın ailəsi: İmran həzrət Məryəmin (ə) atasının adıdır. İmranın ailəsi deyilərkən bu ayədə həzrət Məryəm (ə) və həzrət İsa (ə) və ya hər ikisi və İmranın həyat yoldaşı nəzərdə tutulur[14]. Abid və ibadət edən qadın: “Məryəm” sözünün mənası ibadət edən və xidmətçi qadın deməkdir. Uşağını dünyaya gətirdikdən sonra ananın bu adı seçməsi bu imanlı ananın övladını Allaha ibadət və bəndəçilik yoluna vəqf etməsinə çox böyük sevgisi olduğunu göstərir[15]. Elə oradaca (Məryəmdəki ləyaqəti gördükdən sonra) Zəkəriyya Rəbbini çağıraraq dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə (də) pak bir övlad bəxş et! Sən duaları eşidənsən”. O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni Yəhya ilə – Allahın kəlməsini (İsanı) təsdiq edən, rəhbər olacaq, üsyankar nəfsinə hakim və əməlisalehlərdən olacaq bir peyğəmbərlə müjdələyir”. O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı, zövcəm də qısır olduğu halda mənim övladımın olması necə mümkündür?” (Allah) buyurdu: “Belədir, Allah hər istədiyini edər”. (Zəkəriyya) dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. (Allah) buyurdu: “Sənin əlamətin üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaq. (Dilin heç bir səbəb olmadan tutulacaq.) (Bu böyük nemətə görə) Rəbbini çox yad et və səhər-axşam Ona təriflər de!” (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni seçmiş, təmizləmiş və dünyanın bütün qadınlarından üstün etmişdi. Ey Məryəm! (Bu nemətə görə) Rəbbinə itaət göstər, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!” Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Məryəmi kimin himayəyə götürəcəyini müəyyən etmək üçün qələmlərini suya (püşk) atdıqları zaman, həmçinin (Bəni-İsrail alimlərinin səni himayə etmək şərəfinə nail olmaq üçün) bir-biri ilə mübahisə etdikləri zaman sən onların yanında deyildin. (Xatırlayın) bir zaman mələklər demişdilər: “Ey Məryəm! Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (əzəmətli varlıq) ilə müjdələyir. O, bu dünyada və axirətdə şan-şöhrətli və (Allaha) yaxınlaşdırılmışlardan olacaqdır. ————————————————————————————- Mehrab Şeytan və üsyankar nəfslə müharibə və mübarizə məkanıdır: Məsciddə pişnamaz durduğu yerə mehrab deyilir. Bütün məscidə də mehrab deyilir. Bu söz mənası döyüşmək, müharbə aparmaq olan “hərb” sözündən düzəlmişdir. Çünki mömin insan namaz qılıb Allaha ibadət edərkən Şeytan və üsyankar nəfslə müharibə aparır. Ehtimal ki, bu ayədə “mehrab” deyilərkən bütün məscid nəzərdə tutulmuşdur[16]. Bu və bir çox digər ayələrə əsasən bütün səmavi dinlərdə namaz olmuşdur[17]. Öz dövrünün ən üstün xanımı: Bu ayədə “istafəki” (səni seçdi) sözü iki dəfə təkrar edilmişdir. Qeyd olunan sözün işləndiyi birinci cümlə onun qeyd-şərtsiz seçilmiş olduğunu ifadə edir. Yəni Allah-taala Məryəmi (ə) Ona ibadət etməsi və bəndə olması üçün seçmişdir. İkinci cümlə isə onun bütün qadınlar arasından seçildiyini ifadə edir. Bu ayə Məryəmin (ə) öz dövrünün bütün xanımları arasından seçildiyini göstərir. Bu da o deməkdir ki, Məryəm (ə) öz dövrünün ən böyük şəxsiyyəti olmuşdur. Bu məsələ İslamın böyük xanımı Fatimeyi-Zəhranın (ə) dünyanın ən üstün xanımı olması gerçəyi ilə təzad təşkil etmir. Çünki İslam peyğəmbərinə (s) istinad edilən bir hədisdə mələklərin həzrət Zəhraya (ə) xitabən belə dedikləri qeyd edilmişdir: “Məryəm öz dövrünün üstün xanımı idi. Allah səni həm öz dövrünün, həm Məryəmin dövrünün, həm keçmiş, həm də gələcəkdəki xanımların xanımı etdi.”[18] Allahın kəlməsi: “Kəlmə” insanı müəyyən bir məzmun və mənaya yönləndirir. Bu mənada bütün məxluqat Allahın kəlməsidir. Çünki bizi yaradıcıya doğru yönləndirir. “Kəhf” surəsinin 109-cu ayəsində belə buyurulmuşdur: De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəryalar mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!” Təfsirçilər hesab edirlər ki, “Allahın kəlmələri” deyilərkən Onun yaratdıqları nəzərdə tutulur. Yaranmışlar arasında mürəkkəbliyi və yaranış əzəməti ilə seçilən insan Allahın varlığını daha yaxşı dərk etdirir. Digər insanlarla müqayisədə Allahın varlığını insanlara peyğəmbər və imamlar (əleyhimissalam) daha yaxşı başa salır. Buna görə də hədislərdə məsumlar (ə) Allahın kəlamı adlandırılmışlar. “Ali-İmran” surəsinin 45-ci ayəsində İsa (ə) Allahın kəlməsi kimi təqdim edilmişdir. Çünki onun dünyaya gəliş forması, beşikdə danışması, ölüləri diriltməsi, anadangəlmə korlara şəfa verməsi və sair möcüzələri insanları elmli və qüdrətli Allahın varlığına doğru yönləndirir[19]. O, beşikdə və yaşa dolduqdan sonra insanlarla danışacaq və layiqli insanlardan olacaqdır”. (Məryəm:) “Ey Rəbbim! Mənə heç bir insan toxunmadığı halda, necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “Belədir, Allah hər istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar. Ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. Və (onu) İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək:) “Mən, Rəbbiniz tərəfindən sizə möcüzə gətirmişəm. Palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın əmri ilə quş olar. Allahın iznilə anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən yediyiniz və evlərinizdə yığıb saxladığınız şeylərdən də sizə xəbər verərəm. Əgər imanınız olsa, heç şübhəsiz, bunlarda sizin üçün bir dəlil vardır. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edirəm. (Etdiyiniz zülm və günah nəticəsində) sizə haram edilmiş şeyləri (bəzi heyvanların və balıqların ətini) halal etmək üçün gəlmişəm. Sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirmişəm. İndi Allahdan qorxun və mənə itaət edin! Allah mənim də Rəbbimdir, sizin də. Ona ibadət edin! Budur doğru yol! İsa onların küfrünü (qarşı çıxdıqlarını) hiss etdikdə: “Allah yolunda (Onun dininin təbliğində) kim mənim köməkçim olacaq?” – deyə soruşdu. Həvarilər dedilər: “Biz Allahın köməkçiləriyik! Allaha iman gətirmişik. Sən də şahid ol ki, biz müsəlman olmuşuq!” —————————————————————————————- İsanın (ə) yetkinlik yaşında danışması: “Məhd” sözü beşik sözü ilə ilə təxminən sinonimdir. Ərəb dilindəki “məhd” sözünün beşikdən fərqi onun ümumi məzmun daşıması və körpənin yatması və istirahət etməsi üçün nəzərdə tutulmuş hər bir vasitəyə şamil olmasıdır. “Məryəm” surəsindəki ayələrə əsasən həzrət İsa (ə) ilk körpəlik çağında danışmışdır. Normal vəziyyətdə mümkünsüz görünən bu hadisənin özü böyük bir möcüzədir. Lakin insanın yetkinlik çağında danışması tamamilə normal bir hadisədir. Bu iki hadisənin bir ayə daxilində qeyd edilməsi ilə bəlkə də onun körpə vaxtı eynilə yetkinlik yaşında olduğu kimi, uşaqlara xas deyil, ölçülüb-biçilmiş, məzmunlu və əhəmiyyətli danışdığını çatdırmaq üçündür. Bundan əlavə, qeyd olunan ifadə İsanın (ə) ömrü ilə də bağlı öncəgörüyə işarə edə bilər. Bilirik ki, həzrət İsa (ə) dünya həyatında qocalıq dövrünü yaşamamışdır, 33 yaşında ikən Allah onu göylərə qaldırmışdır. Rəvayətlərə görə İsa (ə) İmam Mehdi (ə) zühur edən vaxt insanların arasına qayıdacaq, onlarla ömrünün əvvəlində olduğu kimi danışacaq[20]. Mövcudatın var edilməsi: “O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da dərhal olar”. Yəni nəyisə yaradarkən Allahın vasitələrə, hətta “mövcud ol” deməyə də ehtiyacı yoxdur. Bu cümlə Allahın qətiyyətli iradəsini ifadə edir. Belə ki, Allah nəyisə istəsə və ya onun yaranış fərmanını versə, dərhal meydana gələr[21]. Obyektiv aləm üzərində hakimiyyət: Bu və oxşar ayələr göstərir ki, Allahın elçiləri və vəliləri Onun fərmanı və iznilə lazım gəldikdə obyektiv aləmə təsir göstərə, adi və təbii qanunlardan kənar davranışlar sərgiləyə bilirlər. “Sağaldıram”, “ölüləri dirildirəm” və birinci şəxsin təkində işlənmiş bu qəbil feillər sözügedən hadisələrin birbaşa peyğəmbərlərin öz əli ilə həyata keçdiyini göstərir. Bu hadisələrin baş verməsində onların vəzifəsinin təkcə dua etməkdən ibarət olduğunu ifadə edən iddialar isə əsassızdır. Sözügedən ifadə formaları onların obyektiv aləmə təsir göstərdiyini və hadisələri birbaşa meydana gətirdiklərini deməyə əsas verir. Sadəcə peyğəmbər və övliyaların bu işləri müstəqil şəkildə görmələri, yaranış sistemindən kənar müstəqil bir sistemə sahib olmaları ilə bağlı təsəvvür yaranmaması, habelə şirk ehtimalının qarşısını almaq üçün ayələrdə Allahın izni və bu kimi ifadələrdən istifadə edilmişdir. (Bu ayədə iki dəfə, “Məryəm” surəsinin 110-cu ayəsində dörd dəfə). “Obyektiv aləm üzərində hökmranlıq” deyilərkən peyğəmbər və imamların (əleyhimissalam) lazım gəldikdə və zərurət yarandıqda Allahın izni və icazəsi ilə obyektiv aləmə təsir göstərməsi nəzərdə tutulur. Bu, qanuni rəhbərlik (insanları idarə etmək, qanunlar müəyyənləşdirmək, doğru yola dəvət və hidayət etmək) anlayışından daha yüksək olan bir mənadır. Deyilənlərdən Allah adamlarının obyektiv aləm üzərindəki hakimiyyətini inkar edən və bunu bir növ şirk hesab edən insanların şübhəsinə aydınlıq gəlir. Onlar hesab edirlər ki, peyğəmbərlərin işi yalnız hökmlərin təbliği və Allaha doğru çağırışla məhdudlaşır. Bəzi obyektiv hadisələrin baş verməsi üçün yalnız duadan istifadə edirlər, bundan artıq heç bir səlahiyyətə malik deyildirlər. Halbuki bu və başqa oxşar ayələr bunun əksini ifadə edir[22]. “Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və peyğəmbər(in)ə tabe olduq. Artıq bizləri şahid olanlar zümrəsinə yaz!” (Yəhudilər və İsanın düşmənləri onu aradan götürmək və dininə son qoymaq üçün) plan cızdılar. Allah da (İsanı və dinini qorumaq üçün) tədbir gördü. Allah tədbir görənlərin ən yaxşısıdır. (Xatırlayın!) O vaxt Allah İsaya buyurdu: “Ya İsa, Mən səni alıb Özümə doğru qaldırıram, səni kafirlərdən pak edirəm. Sənə tabe olanları Qiyamət gününə qədər kafirlərdən üstün edirəm. Sonra siz Mənim hüzuruma qayıdacaqsınız. İxtilaf etdiyiniz məsələ barəsində aranızda Mən hökm verəcəyəm! Kafirlərə (Haqqı tanıdıqdan sonra onu inkar edənlərə) gəldikdə, onlara dünyada və axirətdə ağır cəza verəcəyəm. Onların heç bir köməkçisi yoxdur! İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz!” Bu söylədiklərimiz (sənin haqq olduğunu ifadə edən) əlamətlərdəndir və hikmətli xatırlamadır. Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Mövcud ol!” – dedi, o da oldu. (Buna görə də İsanın atasız dünyaya gəlməsi onun Allah olmasına əsla dəlil ola bilməz.) Bunlar sənin Rəbbin tərəfindən olan bir həqiqətdir. Buna görə də şübhə edənlərdən olma! (İsa haqqında) sənə çatan məlumatdan sonra səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra nifrin edib yalançılara Allahın lənət etməsini diləyək!” —————————————————————————————- Həvarilərin İsa Məsihin (ə) düzlüyünə şahidlik etməsi: Ayənin “bizi şahidlər zümrəsinə yaz” cümləsini şərh edərkən təfsirçilər bldirirlər ki, həvarilər Allahın göndərdiyinə iman gətirib onu təsdiq etdikdən və Allahın əmrlərinə tabe olduqlarını elan etdikdən sonra İsanın (ə) Allah vəhyini tam şəkildə çatdırdığına, özünün də ona əməl etdiyinə, onların öz peyğəmbərlərinin iman və əməlini özlərinə örnək götürdüyünə və ona tabe olduğuna şahidlik etdilər. Peyğəmbərlik iddiası edib Allahın əmrlərini doğru-düzgün çatdırmayan və ya ona əməl etməyən şəxs əməli olaraq özünün yalançı olduğunu təsdiq etmiş olur. Ancaq həvarilər İsanın (ə) Allah vəhyinin təbliği və ona əməl kontekstindəki düzgünlüyünü təsdiq etməklə onu özlərinin həqiqi rəhbəri hesab edib, fərmanına təslim oldular[23]. İsanın (ə) həyatda olması: Quran ayələri həzrət İsanın (ə) hal-hazırda da həyatda olduğunu, yaşadığını ifadə edir. Bu ayədə Allah “təvəffa” sözündən istifadə etmişdir. “Təvəffa” sözünün mənası götürmək, almaq deməkdir. Ölən adama “vəfat etdi” deyilməsinin səbəbi onun canının alınması ilə bağlıdır. Əlbəttə, bu ayədə “təvəffa” sözünün “öldürdü” mənası nəzərdə tutulmamışdır. “Təvəffa” deməklə Allah insanlara çatdırmaq istəyir ki, həzrət İsanı (ə) yəhudilərin arasından alıb götürdü, yəhudilərin əlindən xilas etdi.[24] (Daha ətraflı məlumat üçün “Nisa” surəsinin 157-ci ayəsinə bax.) Mübahilə (qarşılıqlı nifrin) Əhli-beytin haqq olduğuna sübutdur: “Mübahilə” sözünün mənası qarşılıqlı nifrin etmə deməkdir. İmam Sadiqin (ə) bu ayənin izahı ilə bağlı buyurduğu bir hədisdə belə qeyd edilir: “Nəcran yəhudilərindən bir qrupu Peyğəmbərin (s) yanına gəlib ona dedi: – Nəyə çağırış edirsən? Peyğəmbər (s) buyurdu: – Sizi Allahdan başqa Allah olmadığına, mənim Allahın peyğəmbəri olduğuma, İsanın yaranmış və qidalanan bəndə olduğuna şahidlik etməyə çağırıram. Uzun mübahisədən sonra bir qrup xristian haqqı – İsanın Allahın bəndəsi olduğunu qəbul etmək istəmədi. Həmin vaxt bu ayə nazil oldu. Peyğəmbər (s) onlara dedi: “Gəlin bir-birimzi nifrin edək. Əgər mən haqlı olsam, Allahın lənəti sizə olsun, yox əgər siz haqlı olsanız, Allahın lənəti mənə olsun.” Onlar qəbul etdilər və sabahısı gün bir yerdə görüşüb bir-birini nifrin etmək qərarına gəldilər. Başçılarının yanına qayıtdıqdan sonra bu hadisəni ona danışdılar. Başçı dedi: “Əgər tayfasını gətirsə, peyğəmbər deyil, yox əgər təkcə ailəsini gətirsə, hökmən peyğəmbərdir.” Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseynlə (ə) birlikdə mübahiləyə hazır oldu. Bunu görən xristianlar Peyğəmbərdən (s) mübahilədən əl çəkməsini, öz dinlərində qalmasına və Peyğəmbərə (s) cizyə ödəməyə icazə verməsini istədilər. Peyğəmbər (s) razılaşdı və onlar geri döndülər.”[25] Rəvayət olunur ki, xristianların yepiskopu onlara deyirmiş: “Mən elə simalar görürəm ki, əgər Allahdan dağları yerindən qoparmasını istəsələr, Allah edər. Onlarla əsla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamətə qədər yer üzündə bir nəfər xristian qalmaz.”[26] Mübahilə hadisəsi Peyğəmbərin (s) xüsusi bir bilgiyə malik olduğunu göstərməklə yanaşı, onun dua və istəyinin də təsirli olduğunu göstərir[27]. Burada çox mühüm nüanslardan biri də “ənfüsəna” (biz özümüz) ifadəsidir. Bu sözün aid olduğu insan kamillik baxımından və üstün keyfiyyətlərinə görə elə yüksək həddə olmalıdır ki, “Peyğəmbərin canı, özü” sayıla bilsin. Qeyd etdiyimiz kimi, bu sözün aid olduğu şəxs Əlidir (ə)[28]. Bu, həmin doğru olan hekayədir. (Onun Allah və ya Allahın oğlu olması iddialarının heç bir əsası yoxdur.) Tək olan Allahdan başqa heç bir məbud yoxdur. Allah yenilməz qüvvət, hikmət sahibidir! Əgər onlar (bütün bu dəlillərə baxmayaraq, yenə də haqqı qəbul etməkdən) üz döndərsələr, (bil ki, haqq axtarışında deyildirlər və) Allah fitnə-fəsad törədənlərdən xəbərdardır! De: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan “Allahdan başqasına ibadət etməyək, heç nəyi ona tay tutmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” kəlməsinə tərəf gəlin! Əgər onlar (bu çağırışdan da) üz döndərsələr, o zaman deyin: “Şahid olun ki, biz müsəlmanıq!” Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edir və inadkarlıq göstərirsiniz? (Hər biriniz onu öz dininin davamçısı kimi təqdim edirsiniz?) Halbuki Tövrat da, İncil də ondan sonra nazil edilmişdir, məgər düşünmürsünüz? Siz bildiyiniz şey barəsində mübahisə edən adamlarsınız. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisə edirsiniz?! Allah bilir, siz bilməzsiniz! İbrahim nə yəhudi idi, nə də xaçpərəst. O, xalis təkallahlı müsəlman idi və şərik qoşanlardan deyildi. İnsanların İbrahimə ən layiq olanı ona tabe olan, bu Peyğəmbər və ona iman gətirənlərdir. (Onlar hər kəsdən layiqlidirlər.) Allah möminlərin vəlisi və hamisidir! Kitab əhlindən bir dəstə (yəhudilər) sizi yolunuzdan sapdırma istədiyi (arzu etdiyi) halda, (onlar bilməlidirlər ki, sizi sapdıra bilməzlər) yalnız özlərini düz yoldan sapdırır və bunu dərk etmirlər. Ey kitab əhli, Allahın ayələrini (onların düzlüyünü) təsdiq etdiyiniz halda, nə üçün (onları) inkar edirsiniz? —————————————————————————————— Din alveri edən alimlərə tabe olmaq bir növ ibadət ortaqlığıdır (şirkdir): Bəzi təfsirçilər “Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” ayəsini təfsir edərkən bildirirlər ki, bəzi ayələrdə bir qrup əhli-kitab aliminin Allahın hökmlərini öz mənafelərinə və təəssüblərinə uyğun şəkildə izah və təhrif etdikləri qeyd edilmişdir. İslam məntiqinə əsasən bilərəkdən bu cür şəxslərə tabe olanlar bir növ onlara ibadət etmişlər. Çünki halal və haramı təyin etmək səlahiyyəti və qanunvericiliyi Allaha məxsusdur, bu mövzuda başqasının ixtiyar sahibi olduğunu qəbul edən şəxs həmin adamı Allaha ortaq etmişdir. Deyilənə görə daha öncə xristian olub, sonradan İslamı qəbul etmiş Ədiyy ibn Hatəm bu ayə nazil olduqdan sonra “ərbabən” sözünə əsasən cümləni “kitab əhli olanlar bəzi alimlərinə ibadət edirlər” kimi başa düşür və Allah rəsuluna (s) deyir: “Biz o vaxt öz alimlərimizə əsla ibadət etməmişik.” Peyğəmbər (s) buyurur: “Onların Allahın hökmlərini öz maraqlarına uyğun şəkildə dəyişdiklərini bildiyiniz halda, yenə də onlara itaət göstərirdinizmi?” Ədiyy: “Bəli” – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Bu, elə ibadət və bəndəçilikdir.” İslamda əqli əsarət və müstəmləkə ibadət və bəndəçilik hesab edilir. İslamda şirk və bütpərəstliyə qarşı necə mübarzə aparılırsa, əqli müstəmləkəçilik və əsarətə qarşı da eyni şəkildə mübarizə aparılır[29]. Nə yəhudi, nə xristian: Rəvayətlərdə qeyd olunur ki, Nəcran yəhudiləri və xristianları Peyğəmbərin (s) hüzurunda həzrət İbrahimin (ə) üstündə mübahisəyə qalxdılar. Yəhudilər İbrahimin (ə) yəhudi, xristianlar isə onun xristian olduğunu deyirdilər. Üstün olduqlarını sübuta yetirmək üçün onlardan hər biri həzrət İbrahimin (ə) onlardan olduğunu iddia edirdi. Çünki Allahın bu böyük peyğəmbəri bütün din mənsubları arasında əzəmətlə xatırlanırdı. Bu əsnada sözügedən ayə nazil oldu və onların iddialarının əsassız olduğu bildirildi. Belə ki, İbrahim (ə) Musa (ə) və İsadan (ə) əvvəl yaşamış, Tövrat və İncil ondan sonra nazil olmuşdu[30]. Həzrət İbrahim (ə) yəhudi və xristian olmadığı halda, necə müsəlman idi?! Ümumiyyətlə, Quran leksikonunda müsəlman təkcə İslam peyğəmbərinin (ə) davamçısına deyilmir, islam deyiləndə Allahın fərmanı qarşısında qeyd-şərtsiz təslim olmaq, istənilən şirk və dualizmdən uzaq, xalis və kamil tövhid nəzərdə tutulur. İbrahim (ə) bu ənənənin bayraqdarı hesab edilir.[31] Tabeçilik Allah dostları ilə yeganə əlaqə vasitəsidir: Bu ayədə ideoloji məktəb əlaqəsindən üstün əlaqə olmadığı, Allah dostları ilə yalnız tabeçilik və itaət vasitəsilə əlaqə qurmağın mümkünlüyündən danışılır. Buna görə də İslam peyğəmbəri (s) və məsum imamlarla (ə) əlaqə və yaxınlıq iddiasını yalnız onlara tabe olmaqla iddia etmək olar. Hədis və rəvayətlərdə də bu mövzu əsas diqqət mərkəzində olmuşdur. İmam Əliyə (ə) istinad edilən bir hədisdə belə qeyd edilmişdir: “İnsanların peyğəmbərlərə ən layiq olanı onların göstərişlərinə hər kəsdən çox əməl edənlərdir.” Sonra İmam (ə) bu ayəni oxuyub buyurmuşdur: “Nəsəb və qohumluq baxımından nə qədər uzaq olsa da, Muhəmmədin (s) dostu Allahın əmrinə itaət göstərən, qohumluq əlaqələri nə qədər yaxın olsa da, Muhəmmədin (s) düşməni Allaha itaətsizlik göstərəndir.”[32] Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz? Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi: “(Gedin, üzdə) möminlərə nazil edilənə günün əvvəlində inanın, günün sonunda isə onu inkar edin! Bəlkə (öz dinlərindən) üz döndərərlər. (Siz kitab əhli və səmavi müjdədən xəbərdar olduğunuz üçün bu hiylə onları şübhəyə salmağa yetər.) Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” De: “Yönləndirən, hidayət edən yalnız Allahdır (Onun qarşısında sizin bu hiylənizin heç bir təsiri yoxdur)”. (Sonra yəhudilər öz adamlarına dedilər:) “Sizə verilənin bənzərinin (səmavi kitab) başqasına (müsəlmanlara) veriləcəyinə və yaxud Rəbbinizin hüzurunda onların sizinlə mübahisə edəcəyinə (inanmayın, peyğəmbərlik, məntiq, hər ikisi sizə məxsusdur)!” De: “Həqiqətən, nemət (peyğəmbərlik, ağıl, məntiq neməti heç kəsin deyil,) Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah genişdir (sonsuz nemət sahibidir), (həmin nemətlərin layiq olduğu yerləri) biləndir!” Rəhmətini istədiyi şəxsə şamil edər. Allah böyük kərəm sahibidir! Əhli-kitab arasında elələri var ki, əgər onlara külli miqdarda sərvət əmanət etsən, onu tamamilə sənə qaytararlar; elələri də var ki, onlara bir dinar da əmanət versən, başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar. Səbəb də budur ki, onlar: “Biz ümmilər (yəhudi olmayanlar) qarşısında məsuliyyət daşımırıq”, – deməklə bilə-bilə Allaha böhtan atırlar. Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə, (Allah onu sevər, çünki) Allah müttəqiləri sevir. Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslərin axirətdə heç bir payı olmayacaq. Allah Qiyamət günü onları dindirməyəcək, onlara nəzər salmayacaq və onları (günahdan) təmizləməyəcək. Onları şiddətli bir əzab gözləyir! —————————————————————————— Kitab əhlinin haqqı gizlətməsi: Bu ayənin məzmunu öz əksini “Bəqərə” surəsinin 42-ci ayəsində də tapmışdır. Həmin ayədə belə buyurulur: “Haqqı batillə qarışdırmayın və bilə-bilə haqqı gizlətməyin!” Hər iki ayədə insanları haqq yoldan sapdırmaq üçün haqqı batillə qarışdıran və həqiqəti gizlədən kitab əhli məzəmmət edilir. Onlar Tövrat və İncildə İslam peyğəmbəri (s) ilə bağlı qeyd edilmiş xüsusiyyətləri gizlədir və ya təhrif edir, doğru ilə yalanı bir-birinə qarışdırıb insanlarda çaşqınlıq yaradırdılar[33]. Möminlərin əmiri İmam Əli (ə) haqla batilin bir-birinə qarışdırılması ilə bağlı belə buyurmuşdur: “Əgər haqq batilə bürünməsəydi, düşmənlərin boş-boş danışan dili qısa olardı. Onlar bir az batildən, bir az da haqdan götürüb bir-birinə qarışdırırlar. Belə olan təqdirdə yalnız Allahın xoş vəd verdiyi şəxslər nicat tapacaq”.[34] Əmanətdar və xəyanətkar: Bu ayədə kitab əhli iki qrupa bölünmüşdür: Əmanətdar və vicdanlı insanlar; əmanətə xəyanət edən insanlar. Quran ikinci qrupun xəyanətini belə ifadə edr: “Biz yəhudi olmayanlar qarşısında məsuliyyət daşımırıq”. Qəribədir ki, bu sözün Allaha və ilahi dinə aid edirlər. Bu fikir yəhudilərin digər xalqlardan üstün olması kimi yanlış inancından qaynaqlanır. Onlar hesab edirlər ki, başqalarının boynuna minə bilərlər, qarşılığında isə başqalarının az da olsa, etiraz etməyə haqqı çatmır. Onlar qeyri-yəhudilərin mallarını əllərindən ala bildikləri halda, digərlərinin belə bir haqqı yoxdur. Əslində, onlar başqa insanlara dilsiz heyvan münasibəti bəsləyir və onlardan istədikləri kimi istifadə edə biləcəklərini düşünürlər[35]. “Başlarının üzərində durub tələb etməyincə sənə qaytarmazlar” cümləsi yəhudilərin hansı xislətdə olduğunu göstərir. Onların çoxu başqalarının hüquqlarını güc və zor tətbiq etmədən rəsmən tanımırlar. Buna görə də öz haqlarını onlardan geri almaq üçün müsəlmanların çalışıb qüdrətli olmaqdan və onları bu qüdrət qarşısında diz çökdürməkdən başqa çarələri yoxdur. Son illərdə Orta Şərqdə baş verən hadisələr göstərir ki, beynəlxalq konvensiyalar, müqavilələr, dünya ictimaiyyətinin fikir, haqq, ədalət və bu kimi məsələləri İslam düşmənləri üçün heç bir əhəmiyyət daşımır. Onlar başqa bir şey deyil, yalnız güc və qüdrət qarşısında təslim olurlar[36]. İlahi əhdi və andı pozmağın cəzası: Qeyd edilir ki, Peyğəmbər (s) zamanında İmriül-qeys adlı bir nəfər həzrəmutlu bir kişi ilə torpaq üstündə mübahisə edir. Nəhayət, Peyğəmbərin (s) yanına gəlirlər. Peyğəmbər (s) İmriül-qeysdən soruşur: – Torpağın sənə məxsus olduğunu təsdiq edəcək bir şahidin varmı? İmriül-qeys deyir: – Xeyr. Peyğəmbər (s) buyurur: – Belə olan təqdirdə əgər qarşı tərəf and içib yerin ona aid olduğunu desə, yeri ona verməli olacaqsan. İmriül-qeys deyir: – And olsun Allaha, belə olan təqdirdə yerim əlimdən çıxacaq. Peyğəmbər (s) buyurur: – Əgər yer həqiqətən sənin olmuş olsa və o da and içib bu yeri mənimsəsə, Qiyamət günü Allahın üzlərinə nəzər salmayacağı, günahdan təmizləməyəcəyi və şiddətli əzaba düçar edəcəyi şəxslərdən olacaq. Həzrəmutlu kişi bu sözü eşidəndə qorxuya düşüb torpağı İmriül-qeysə qaytardı[37]. Onların (yəhudlər) arasında elələri var ki, (Allah) kitab(ını) oxuyan zaman siz onların oxuduqlarının (Allah) kitab(ın)dan olduğunu güman edəsiniz deyə dillərini o tərəf-bu tərəfə əyirlər. Halbuki (Allah) kitab(ın)dan deyil. Allah tərəfindən olmadığı halda, onlar: “Bu, Allah tərəfindəndir”,- deyir və bilə-bilə Allaha böhtan atırlar. Heç bir insana yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: “Allahı buraxıb mənə ibadət edin!” – desin. Əksinə, o: “Kitabı öyrətdiyiniz və öyrəndiyiniz üçün Allah adamı olun!” – deyər. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyi əmr etməz. O sizi müsəlman olduqdan sonra küfrə dəvət edərmi?! Allahın peyğəmbərlərdən: “Sizə kitab və elm verildikdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edin”, – deyə əhd aldığı, sonra onlara: “Bunu təsdiq edib möhkəm əhd-peyman bağlayırsınızmı?” – dediyi, onların da: “Təsdiq etdik!” – deyə cavab verdikləri, (bu zaman) Allahın: “Elə isə şahid olun! Mən də sizinlə birlikdə şahid olanlardanam”, – deyə buyurduğu vaxtı xatırlayın! Bundan sonra kim üz döndərsə, fasiqdir. Onlar Allahın dinindən başqa bir din axtarırlar?! (Onun dini İslam dinidir.) Göylərdə və yerdə olanlar istər ixtiyari olsun, istərsə də icbari, Onun (fərmanı) qarşısında təslim olmuşlar və hamı Onun hüzuruna qayıdacaq. ————————————————————————————- Allaha iftira atmaq məharəti: “Yəlvunə” mənası döndərmək, çevirmək və əymək olan “ləyy” sözündən götürülmüşdür. Burada Allah sözlərinin təhrif edilməsi üsuluna işarə edilmişdir. Belə ki, Tövratı oxuyarkən zühur edəcəyi müjdə verilmiş İslam peyğəmbərinin (s) xüsusiyyətlərindən bəhs edən ayələri dəyişir və bunu elə məharətlə edirdilər ki, dinləyci eşitdiklərinin Allah kitabının ayələri olduğunu güman edirdi[38]. İbadət yalnız Allaha olmalıdır: Bu ayənin nazilolma səbəbini əks etdirən bir məlumatda belə qeyd edilmişdir: “Nəcrandan ezam edilmiş dəstəyə başçılıq edən Əbu Rafe adlı yəhudi Peyğəmbərin (s) hüzuruna gələrək deyir: – Sənə ibadət etməyimizi, səni Allah hesab etməyimizimi istəyirsən? (Onlar güman edirdilər ki, İslam peyğəmbərinin (s) İsanın (ə) Allah olması məsələsinə etirazı onun özünün belə bir paya sahb olmaması ilə bağlıdır. Əgər onu da Allah kimi qəbul etsələr, mövqeyindən əl çəkəcək. Çox güman ki, bu təklif  Peyğəmbəri (s) bədnam etmək və insanlarda çaşıqnlıq yaratmaq hiyləsindən qaynaqlanırdı). Lakin Peyğəmbər (s) buyurdu: – Allaha sığınıram. Mən kiminsə tək olan Allahdan qeyrisinə ibadət etməsinə icazə vermərəm. Allah məni belə bir iş üçün göndərməyib.”[39] Bu ayədə xristianların həzrət İsaya (ə) aid etdikləri batil fikirlər rədd edilmşdir. Onlar iddia edirdilər ki, guya İsa (ə) özünün Allahın oğlu və Allah olduğunu demiş, Ata, Oğul və Müqəddəs ruha ibadət edilməsini istəmişdir. Ola bilsin ki, bu ayədə “Allah Musanın Allahı, Musa, Harunun, Harun isə Fironun Allahıdır” deyən yəhudilər nəzərdə tutulmuşdur. Bəlkə də bu ayə ümumi məzmun daşıyır, hətta Peyğəmbər (s) və imamları (ə) allahlıq məqamına qədər yüksəldənlərə də şamil olur[40]. Ümumiyyətlə, bu ayədən belə başa düşülür ki, Allahdan qeyrisinə edilən istənilən ibadət forması, xüsusilə, insana edilən ibadət azadlıq ruhuna və insan şəxsiyyətinin müstəqilliyinə ziddir. Habelə Allahın bəndələri qarşısında yaltaqlıq edilməsi də qadağan edilmişdir. İmam Əlinin (ə) dilindən söylənmiş, o həzrətin həqiqi və mənəvi simasını göstərən ibrətamiz bir hədis də qeyd olunan fikri təsdiq edir. Bir gün İmam Əli (ə) Ənbara (İraqın sərhəd şəhərlərindən birinin adıdır) gedir. Bir qrup kəndli kəndlərinin adətinə uyğun olaraq miniklərindən düşüb İmamın (ə) qarşısında səcdə edirlər. İmam (ə) bu hadisədən çox narahat olur və yüksək səslə deyir: “Belə niyə edirsiniz?” Onlar: “Biz bu hərəkətimizlə əmirlərimizə olan hörmətimizi izhar edirik”, – deyə cavab verirlər. İmam Əli (ə) buyurur: “And olsun Allaha ki, bunun rəhbərlərinizə heç bir xeyri yoxdur. Siz bu əməlinizlə sadəcə özünüzü bu dünyada çətinliyə salır, axirətdə isə bədbəxtliyə düçar edirsiniz. Arxasınca küfr gətirən əziyyət necə də zərərli, arxasınca Cəhənnəm odundan qurtuluş gətirən azadlıq necə də faydalıdır!” Peyğəmbərlərdən İslam peyğəmbəri (s) haqda ilahi əhd alınması: Bu ayə onu çatdırır ki, bütün peyğəmbərlər (ə) Allahla bağladıqları əhd-peymana uyğun olaraq Allahın peyğəmbərlərindən hansının dövrünə təsadüf etsəydilər, ona iman gətirib, yardım göstərəcəkdilər[41]. Bunun ən parlaq nümunəsi İslam Peyğəmbəridir (s). Bu mövzunu ehtiva edən çoxlu sayda hədis və rəvayətlər Allahın təkcə Peyğəmbər (s) deyil, onun vəsiləri ilə bağlı da əhd aldığını ifadə edir. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulur: “Allah elə bir peyğəmbər göndərməyib ki, ondan Mühəmmədin (s) peyğəmbərliyinə və Əlinin (ə) imamlığına iman gətirməklə bağlı əhd almamış olsun.”[42] Söylə: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və (sair) peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız Ona (Onun fərmanına) təslim oluruq!” Kim özünə İslamdan (Allahın fərmanı qarşısında təslim olmaqdan) başqa bir din seçsə, ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar! İman gətirdikdən, Rəsulun haqq olduğunu təsdiq etdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan bir cəmiyyəti Allah doğru yola necə yönəldər? Allah zalımların zümrəsini haqq yola yönəltməz! Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır! Onlar bu lənət (nifrin) içərisində əbədi qalacaqlar. Cəzaları yüngülləşməyəcək və onlara möhlət verilməyəcək. Yalnız bundan sonra tövbə edərək islah olan şəxslər istisnadırlar. (Keçmiş günahlarını yumağa çalışanların tövbəsi qəbul olunacaq.) Çünki Allah bağışlayan və rəhm edəndir! İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran (bu yolda israrlı olan) şəxslərin (çıxılmaz vəziyyətdə və olüm ayağındakı) tövbəsi əsla qəbul olunmaz. Onlar (əsl) azanlardır! (Çünki həm Allah, həm də tövbə yolunu itiriblər.) Kafir olub küfr içində ölənlərdən hər birinin dünya dolusu qızılı olsa və (əzabdan qurtarmaq üçün) onu fidyə versə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onların heç bir köməkçisi olmayacaq! —————————————————————————————– Əsbat: “Əsbat” sözü “sibt” sözünün cəmidir, mənası nəyinsə asanlıqla yayılması və inkişaf etməsidir. Övladlara, xüsusilə nəvələrə və bir ailənin qol-budağına sibt və əsbat deyilir[43]. “Əsbat” deyilərkən bu ayədə həzrət Yaqubun (ə) nəslindən və ya Bəni-İsraildən olan (Davud, Süleyman, Yunis, Əyyub və sair) peyğəmbərlər nəzərdə tutulmuşdur[44]. Ən üstün din: Bu ayədə “İslam” deyilərkən ümumi mənada Haqq qarşısında təslim olmaq, xüsusi mənada isə təslim olmanın ən üstün nümunəsi – İslam dini nəzərdə tutulmuşdur. Bu gün İslamdan başqa heç bir din qəbul edilmir. Bütün ilahi dinlər möhtərəm sayılsa da, bəşəriyyətin müasir və əməl edəcəyi proqramı İslam olmalıdır. Doktorluq təhsili alan tələbələr ibtidai, orta, yuxarı, bakalavr və sair təhsil pillələrində oxuduqları fənlərə hörmətlə yanaşsalar da, yalnız təhsl aldıqları pillənin fənlərini oxumalıdırlar, proqram səviyyəsindən aşağı fənləri davam etdirməyin yalnız ziyanı olacaq. Yersiz təqlid və nadancasına təəssübkeşlikləri ilə etnik ənənələrinə və xurafatlarına tabe olub mənsub olduqları dinlərini korlayanlar, şübhəsiz ki, ziyana uğrayacaq, ömür sərmayəsini puç etmək təəsüfü və peşmançılığından başqa heç nə əldə etməyəcəklər[45]. İnadkar kafirlərə hər kəsin lənəti olsun: “Lənət” sözünün mənası qəzəblə müşayiət olunan uzaqlaşdırma və kənarlaşdırmadır. “Allahın lənəti” deyilərkən Allahın fərdləri Öz rəhmətindən uzaqlaşdırması başa düşülür. Mələklər və insanların lənətinə gəlincə isə qəzəb, nifrət, kənarlaşdırma və ya Allahdan bu insanları Öz rəhmətindən uzaqlaşdırmasını istəmək nəzərdə tutulur. Ayıq başla, bilə-bilə küfr və inkar yolunu tutmuş zülmkar mürtədlər günah və fəsad girdabına elə batırlar ki, ağıllı insanların və mələklərin nifrətini qazanırlar, ondan da pisi, Allahın qəzəbinə tuş gəlirlər[46]. Quranda bütün insanların iman gətirdikdən sonra kafir olanları lənətlədiyi buyurulmuşdur. Kafirlər özləri də insan olduqları halda, şübhəsiz ki, özləri özlərini lənətləməzlər. Bu paradoks öz həllini necə tapır? Bu sualın cavabında onu deməliyik ki, ilahi lənət Qiyamətdə aşkar olacaq. Çünki Allahın ümumi rəhməti bu dünyada kafirlərə də şamil olur. Ancaq Qiyamətdə onlara rəhm olunmayacaq, hətta kafirlər özləri də bir-birini lənətləyəcəklər. Belə ki, “Ənkəbut” surəsinin 25-ci ayəsində Allah həzrət İbrahimin (ə) müşriklərə xitab edərək belə dediyini qeyd edir: “Sizin Allahı qoyub bütləri tanrı qəbul etməyiniz yalnız dünyada aranızda olan dostluğa və sevgiyə görədir. Sonra, Qiyamət günü bir-birinizi inkar edəcək, bir-birinizə lənət oxuyacaqsınız. Hamınızın məskəni od olacaq, heç bir kömək edəniniz, yarınız-yavəriniz olmayacaq!”[47] Sevdiyiniz şeylərdən (Allah yolunda) sərf etməyincə xeyirə çatmazsınız. Allah verdiyiniz sədəqədən xəbərdardır! Tövrat göndərilməmişdən qabaq İsrailin ( Yaqub peyğəmbərin) yalnız özünə haram etdiklərindən (məsələn, ona ziyanı olduğu üçün dəvə ətindən) başqa bütün (pak) qidalar İsrail övladlarına halal idi. De: “Əgər doğru danışırsınızsa, Tövratı gətirin və oxuyun!” (Əvvəlki peyğəmbərlərə aid etdiyiniz bu sözlər, hətta təhrif edilmiş Tövratınızda da yoxdur). Bundan sonra Allaha iftira atanlar zülm edənlərdir! (Çünki bunu bilərəkdən və qəsdən edirlər.) De: “Allah doğru buyurmuşdur. (Bunlar İbrahimin pak dinində olmamışdır.) Buna görə də İbrahimin dininə tabe olun, çünki o, haqq yolda olmuş, şərik qoşanlardan olmamışdır”. İnsanlar üçün ilk inşa olunan ev (Allaha ibadət etmək üçün) Məkkədəki evdir. O, bütün bəşəriyyət üçün bərəkət və hidayət mənbəyidir. Orada aydın nişanələr, (o cümlədən) İbrahimin məqamı var. Oraya (Allahın evinə) daxil olan şəxs əmin-amanlıqda olacaq. Getməyə imkanı çatan hər bir kəsə Allah üçün Onun evinə getməsi vacibdir. Kim imtina etsə (həcci tərk etsə, özünü ziyana salmışdır). Allah heç kəsə möhtac deyil! De: “Ey kitab əhli! Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz?!” De: “Ey kitab əhli! Nə üçün iman gətirən şəxsləri Allahın yolundan saxlayır, bu yolu əymək istəyirsiniz? Halbuki, siz (bu yolun düzlüyünə) şahidsiniz və Allah sizin etdiklərinizdən xəbərsiz deyil.” Ey möminlər! Əgər siz kitab əhlindən olan (işləri nifaq salmaq, kin-küdurət və ədavət odunu yandırmaq olan) bir dəstəyə itaət göstərsəniz, sizi iman gətirdikdən sonra döndərib kafir edər. ————————————————————————————- Həqiqi xeyirə nail olmağın ən mühüm yolu: “Birr” xeyir və yaxşılığın çoxluğu deməkdir. Bu söz qəlbdə və əməldə olan bütün yaxşılıqlara şamil olur. “Bəqərə” surəsinin 177-ci ayəsində belə buyurulmuşdur: “Yaxşı əməl (sahibi), əslində, Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və döyüş meydanında səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır.” Bu ayədə bütün yaxşılıqlar müxtəsər şəkildə sadalanmış və “birr” sözünün geniş mənası verilmişdir. Sözügedən ayədə də möminin sevdiyi şeylərdən xərcləməsi xeyirxahlığa və yaxşılıqlara nail olmağın əsas vasitələrindən biri hesab edilmişdir. Bu məsələyə israr edilməsinin səbəbi də budur ki, insanın maldan ayrılması çox çətindir. Malından və sərvətindən ayrılmağı hazır olan şəxs xeyriyyəçilik zirvəsi istiqamətində böyük addıma imza atmışdır[48]. Daha əvvəl bütün qidaların İsrail övladlarına halal olması: Bu ayədə yəhudilərin şübhələrindən birinə cavab verilir. Hadisə belə olmuşdu: “Allah-taala “Nisa” surəsinin 160-cı ayəsində “yəhudilər zülm etdiklərinə görə onlara halal olan pak nemətlərin bir hissəsini haram etdik”, – deyə buyurduqda yəhudilər etiraz edərək dedilər: “Bu, yalandır. Çünki dəvə əti kimi bəzi pak qidalar elə əvvəlcədən yəhudilərə haram idi.” Quranın bu ayəsində yəhudilərə cavab verilir və daha əvvəl İsrail övladlarına bütün qidaların halal buyurulduğu, lakin bəzilərinin sonradan haram edildiyi qeyd edilir. Bircə həzrət Yaqub (ə) dəvə əti kimi bəzi qidaları (başqalarına deyil,) özünə qadağan etmişdi. Hədislərdə onun dəvə ətini özünə qadağan etməsi onunla izah edilir ki, o, dəvə əti yeyəndə belindəki ağrı kəskinləşirmiş. Halbuki həzrət Musa (ə) onu haram etməmişdi[49]. Bəkkə: Allahın evinin yerləşdiyi yer izdiham və qarışıqlıq mənasını verən Bəkkə adlandırılmışdır. Bu söz ibadət etmək, namaz qılmaq, təvaf etmək və sairə üçün insanların Allah evində yaratdıqları izdihamı ifadə edir[50]. Allaha ibadət etmək üçün inşa edilmiş ilk ev: Bu ayəni təfsir edərkən İmam Əli (ə) belə buyurmuşdur: Məkkədən əvvəl də evlər olmuşdur. Amma Allaha ibadət etmək üçün inşa edilən ilk ev Kəbə olmuşdur.”[51] Hədislərdə qeyd edilir ki, Kəbənin binası həzrət Adəmin (ə) dövründən mövcud olmuş və ona hörmət göstərilmişdir. İmam Əli (ə) buyurmuşdur: “Adəmin (əleyhissalam) dövründən başlayaraq insanların sonuncusuna qədər Allahın bütün insanları bir daşla sınadığını görmürsənmi?…”[52] Maraqlıdır ki, bütün dinlərdə Kəbəyə ehtiram göstərilmiş və göstərilməkdədir. Tədqiqatçılar bildirirlər ki, hindlilər, farsdilli sabiilər, kildanilər, zərdüştilər, yəhudilər, xristianlar, cahil ərəblər, hər biri öz inancına uyğun olaraq Kəbəyə ehtiram göstərmiş, dəyər vermişlər[53]. Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri aranızda olduğu (vəhylə əhatə olunduğunuz) halda, siz necə kafir ola bilərsiniz? (Buna görə də Allaha sığının.) Allaha (Onun dininə) sığınan şəxs doğru yola yönəldilmişdir. Ey iman gətirənlər! Allahdan ilahi təqvaya layiq şəkildə qorxun. Dünyanı yalnız müsəlman olaraq tərk edin! (İman cövhərini ömrünüzün sonuna qədər qoruyub saxlayın). Hamılıqla Allahın ipinə (Quran, İslam və vəhdətə səbəb olan istənilən vasitə) möhkəm sarılın və parçalanmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlbləriniz arasında ülfət yaratdı və Onun neməti sayəsində qardaş oldunuz. Siz oddan olan bir quyunun kənarında ikən O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız! İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir zümrə olsun! Bunlar həqiqətən nicat tapmış şəxslərdir. (Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Bu böyük əzab) bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə olacaq. Üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? Kafir olduğunuza görə indi, dadın əzabı!” – deyiləcəkdir. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar! Bunlar Allahın sənə olduğu kimi oxuduğumuz ayələridir! Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz. ——————————————————————————————- Təqvanın dərəcələri: “İlahi təqva” deyilərkən insanın özünü Allahın əzabından qoruması nəzərdə tutulur. Bu dərəcəyə insan Allahın əmr və göstərişlərinə tabe olmaq və nemətlərinə şükür etməklə nail olur. Bu ayədə möminlər təqvanın ən yüksək dərəcəsi olan “həqiqi təqvaya”[54] dəvət olunurlar. Həqiqi təqva Allahın göstərişlərinə tam itaət göstərməkdir. İmam Sadiqə (ə) aid olan bir hədisdə deyilir: “Həqiqi təqva, yəni Allahın fərmanına davamlı itaət göstərmək, heç vaxt günah etməmək, Allahı həmişə xatırlamaq, heç vaxt unutmamaq, nemətləri qarşısında şükür etmək, nankorluq etməməkdir.” Təqvanın müxtəlif dərəcələri var. Ayədə onun ən yüksək dərəcəsinə işarə edilmişdir. Məlumdur ki, əksəriyyət belə bir təqvaya nail olmaq gücündə deyil. Buna görə də Allah-taala “Təğabun” surəsinin 16-cı ayəsində belə buyurmuşdur: “Allahdan bacardığınız qədər qorxun”. Bu ayədə, əslində, “Ali-İmran” surəsinin 102-ci ayəsində qeyd edilən həqiqi təqva dərəcələrinə nail olmanın yolu göstərilmişdir. İmam Əli (ə) bir hədisində belə buyurmuşdur: “And olsun Allaha, bu ayəyə (kamil şəkildə) yalnız Peyğəmbərin əhli-beyti (əleyhimussalam) əməl etmişdir. Allah hər zaman xatirimizdədir, Onu unutmuruq. Biz Allaha şükür edirik, əsla naşükürlük etmirik. Biz Allaha itaət edirik, əsla itaətindən çıxmırıq.” Sonra İmam (ə) buyurmuşdur: “Bu ayə nazil olandan sonra səhabələr Peyğəmbərə (s) dedilər: “Bizim həqiqi təqvaya gücümüz çatmaz.” Sonra Allah bu ayəni nazil etdi: “Allahdan bacardığınız qədər qorxun”.[55] Allahın ipi: Quran və məsumların hədislərinə əsasən “Allahın ipi” deyilərkən Allahla əlaqəni ifadə edən istənilən vasitə nəzərdə tutulur. Hədislərdə bu ifadənin Quran və Əhli-beyt (ə) kimi şərh edilməsinin səbəbi Quran və Əhli-beytin (ə) insanlarla Allah arasında ən mühüm əlaqə vasitəsi olması ilə bağlıdır. “Allahın ipi” ifadəsi ilə, əslində, insanların adi şəraitdə, tərbiyəçi və yönləndirici olmadan təbiət quyusunda, cəhalət, nadanlıq və üsyankar instinktlər bataqlığında qalacağı, bu quyudan xilas olmaq üçün möhkəm bir ipdən yapışmaq zərurətinə işarə edilmişdir. Bu möhkəm ip insanları aşağı səviyyədən yüksəklərə qaldıran, mənəvi və maddi təkamül səmasına ucaldan Quran, Peyğəmbər (s) və onun həqiqi canişinləri vasitəsilə reallaşan Allah və insan münasibətlərini ifadə edir[56]. Cahil ərəblərin acınacaqlı vəziyyətinə işarə: Allah-taala “siz oddan olan bir quyunun kənarında ikən” cümləsi ilə cahil ərəblərin acınacaqlı, təəssüf doğuran vəziyyətinə işarə etmişdir. Tarixçilər ərəblərin İslamdan əvvəlki vəziyyəti ilə bağlı ətraflı məlumatlar vermişlər. İmam Əli (ə) Peyğəmbərdən (s) sonra İslam ümmətinin vəziyyəti ilə bağlı daha geniş məlumata malik olan bir şəxsdir. O, cahil ərəblərin vəziyyətini lakonik şəkildə belə ifadə etmişdir: “Allah Muhəmmədi (s) insanları qorxutmaq və göndərdiyi vəhyin əmanətçisi etmək üçün göndərdi. Siz ərəb xalqı ondan əvvəl ən pis dinə tapınırdınız, ən pis evlərdə yaşayırdınız, daşlıq və hamar olmayan ərazilərdə yaşayır, zəhərli ilanlarla eyni evi paylaşırdınız, çirkli su içir, xoşagəlməz yeməklər yeyir, bir-birinizin qanını tökür, qohum-əqrəbanızla əlaqələrinizi kəsir, aranızda bütlər dayanır, günah içində batırdınız.”[57] (Allah nə üçün zülm etsin axı?) Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Bütün işlər Allaha qaytarılır. (Onun fərmanına tabedir)! Siz insanlara xeyir vermək üçün yaradılmış ən yaxşı ümmətsiniz, yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də (belə bir parlaq proqrama və dinə) iman gətirsə, onlar üçün yaxşı olar. Onların (yalnız) az hissəsi imanlıdır, çox hissəsi fasiqdir (Allahın itaətindən çıxanlardır). Onlar (kitab əhli, xüsusilə yəhudilər) sizə cüzi ziyandan (rahatlığınızı pozmaqdan) başqa bir zərər yetirə bilməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra onlara kömək edən də olmaz. Harada olurlarsa olsunlar, onlara zillət damğası vurulmuşdur. (Onlar bu zillətdən) yalnız Allahla (öz yaramaz davranışlarını tərk etməklə) və insanlarla əlaqə və münasibət yaratmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Çünki onlar Allahın ayələrini inkar etmiş, peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar günah etmiş və həddi aşmışlar (başqalarının hüquqlarını pozmuşlar). Onların hamısı eyni deyil. Kitab əhli içərisində (haqq və iman üzrə) sabitqədəm olan, gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyan bir qrup vardır. Onlar Allaha və axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşı işlərin heç biri nəticəsiz qalmaz (layiqli mükafatlarını alarlar). Allah təqvalılardan xəbərdardır! —————————————————————————————— İnsanın bütün ixtiyar və azadlığının alınacağı gün: Təfsirçilər bu ayənin “bütün işlər Allaha qaytarılır” cümləsini təfsir edərkən bildirirlər ki, insanların bütün işləri və səlahiyyətləri onlardan alınıb Allaha qaytarılacaq. Belə ki, “Ğafir” surəsinin 16-cı ayəsində belə buyurulmuşdur: “(Qiyamət günü deyiləcək:) “Bu gün hökm kimindir?” (Allah Özü cavab verəcək:) “Bir olan, qalib olan Allahındır!”[58] Ən yaxşı ümmət: Bu ayədə xitab obyekti bütün müsəlmanlardır. Onlar ən yaxşı ümmət kimi təqdim olunurlar. Aydındır ki, müsəlmanların digər ümmətlərdən üstün olmasının səbəbi yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək və Allaha həqiqi inamdır. Müsəlmanlar yaxşı əməllər görməyi əmr etməyi, günahla mübarizəni unutmadıqca üstün ümmət sayılırlar. Nə vaxtsa bu vəzifəni unutsalar, artıq ən yaxşı ümmət olmayacaqlar. Belə bir sual yarana bilər ki, nə üçün bu surənin 104-cü ayəsində yaxşı əməl etməyi əmr etmək və pis əməlləri qadağan etmək xüsusi bir qrupun vəzifəsi hesab edilmişdir? Qeyd etməliyik ki, 110-cu ayədə sözügedən vəzifənin qəlb və dillə məhdudlaşan fərdi mərhələsinə işarə edilmişdir. Bütün müsəlmanlar bu mərhələdə yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etməklə vəzifələndirilmişlər. Məcburiyyət və qanunilik tələb edən əmr və qadağaların qanuni icrası İslam hökumətinin və şəriət hakiminin vəzifələrindəndir. Şəriət hakiminin icazəsi olmadan heç kəsin yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək səlahiyyəti yoxdur. Hər halda, yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək cəmiyyətin sağlamlıq və xoşbəxtliyinə zəmanət verən çox mühüm bir dini vəzifədir. İmam Baqir (ə) bu mövzunun əhəmiyyətinə işarə edərək belə buyurmuşdur: “Yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək Allahın vacib buyurduğu böyük əməldir. Qalan vacib əməllər onun vasitəsilə reallaşır. Onun vasitəsilə yollar təhlükəsiz, insanların qazancı, iş və fəaliyyəti halal olur, insanların hüquqları təmin olunur. Onun sayəsində torpaqlar abadlaşır, düşmənlərdən intiqam alınır, bütün işlər tənzimlənir.” İmam Əli (ə) bu dini vəzifənin əhəmiyyətini belə ifadə etmişdir: “Bütün yaxşı əməllər və Allah yolunda cihad yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək vəzifəsi ilə müqayisədə böyük və dalğalı bir dənizə damcı damızdırmaqdır.” Bilməliyik ki, yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək Allahın insana bəxş etdiyi ixtiyar və azadlıqla təzad təşkil etmir, əksinə insanların xoşbəxtliyini onların azadlığı ilə birlikdə təmin edir. Allah rəsulu (ə) bu nüansı çox gözəl şəkildə ifadə etmişdir: “İnsanlar arasında günahkar bir qrup insanla birlikdə gəmiyə minən, dənizin ortasında əlinə balta götürüb öz oturduğu yeri dələn, etiraz edən olarsa: “Mən öz payıma düşən hissədə istədiyimi edərəm”, – deyə cavab verən adama bənzəyir. Əgər gəmidə olan digər insanlar onu bu işindən çəkindirməzlərsə, çox çəkməz su gəmiyə dolar və hamı brlikdə dənizdə batar.” Peyğəmbər (s) bu maraqlı misalı ilə yaxşı işlər görməyi əmr etmək, pis əməlləri qadağan etmək vəzifəsinin məntiqi təsvirini vermiş və fərdin cəmiyyətə nəzarət haqqını talelərin qovuşmasından qaynaqlanan təbii bir haqq hesab etmişdir[59]. Kafirlər mallarına və övladlarına sığınaraq Allahın cəzasından xilas ola bilməzlər. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. Onların bu dünyada xərclədikləri özünə zülm edən bir qövmün əkinlərini (münasib yerdə və vaxtda əkmədikləri üçün) məhv edən yandırıcı bir küləyə bənzəyir. Allah onlara zülm etməyib, onlar özləri-özlərinə zülm edirlər. Ey iman gətirənlər! Özünüzdən başqasını özünüzə sirdaş etməyin. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin zəhmətə, əzab-əziyyətə düşməyinizi istəyərlər. Onların ədavət və düşmənçilikləri ağızlarından (çıxan sözlərdən) aşkar olar. Qəlblərində gizlətdikləri isə daha böyükdür. Əgər fikirləşsəniz, (onların pisilklərinin qarşısını almaq üçün yollar və) əlamətləri artıq sizə izah etdik. Siz onları sevirsiniz, onlar isə sizi sevməzlər. Siz səmavi kitabların hamısına inanırsınız (amma onlar sizin kitaba inanmırlar). Onlar sizinlə görüşdükləri zaman (yalandan): “Biz də inandıq”, – deyir, xəlvətdə olduqda isə sizə qarşı olan qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün! Allah qəlblərdə olanları biləndir.” Sizin xeyir və mənfəətiniz olanda onlar qəmgin olur, sizə bir zərər toxunanda isə sevinirlər. Əgər səbir edib təqvalı olsanız, onların hiyləsi sizə heç bir zərər yetirməz. Allah onların nə etdiklərini biləndir. Sən möminlər üçün (əlverişli) döyüş düşərgəsi seçmək üçün sübh tezdən öz ailəndən ayrılıb getdiyin vaxtı (yadına sal)! Allah eşidəndir, biləndir! (Döyüş planları ilə bağlı aparılan bütün danışıqları eşidir, bəzilərinin bu barədə nə düşündüklərini bilirdi). —————————————————————————————— Müsəlmanlar öz sirlərini kafirlərin yanında açmasınlar: Bir qrup müsəlman qohumluq, qonşuluq, süd qohumluğu və ya İslamdan öncəki müqavilələr səbəbilə yəhudilərlə dostluq edirdi. Onlarla o qədər səmimi idilər ki, müsəlmanların sirlərini onlarla bölüşürdülər. Zahirdə özlərini müsəlmanların dostu kimi aparıb, amma İslam və müsəlmanların qatı düşməni olan yəhudilər bu vasitə ilə müsəlmanların sirlərindən xəbər tuturdular. Buna görə də sözügedən ayə nazil oldu və müsəlmanlara öz sirlərini onlarla eyni dində olmayanlarla bölüşməmək xəbərdarlığı verildi. Çünki onlar müsəlmanlara zərər vurmaq üçün əllərindən gələni əsirgəmir və hər zaman onlar üçün çətinliklər yaratmağa çalışırlar[60]. Müsəlmanlarla müşriklər arasında baş verən ikinci müharibə: Bu və sonrakı bir neçə ayədə Ühüd döyüşündən bəhs edilir. Bədr döyüşündə sayca az olan müsəlman qoşunu qarşısında məğlub olan Məkkə müşrikləri intiqam almaq qərarına gəlirlər. Hicrətin üçüncü ilində üç minlik süvari və iki minlik piyada dəstələrindən ibarət olan böyük bir qoşunla Peyğəmbəri (s) və müsəlmanları məhv etmək məqsədilə Mədinəyə tərəf yola düşürlər. Peyğəmbər (s) bu xəbəri eşitdikdən sonra müsəlmanları toplayıb döyüş meydanının seçilməsi ilə bağlı müzakirələr aparır. Bəziləri şəhərdə qalmağı və şəhərin dar küçələrində döyüşməyi təklif edirlər. Çünki qeyd olunan vəziyyətdə qocalar və qadınlar da döyüşdə iştirak edə bilərdilər. Bəziləri isə şəhərdən kənarda döyüşməyi təklif edirlər. Sonda döyüşün şəhərdən kənarda aparılması qərarına gəlirlər. Bu ayədə həmin vaxt Peyğəmbərin (s) əlverişli döyüş düşərgəsi seçmək üçün bir neçə nəfərlə birlikdə şəhərdən çıxmasına işarə edilmişdir. Hər halda, Peyğəmbər (s) sözügedən müharibəyə min nəfərlə yollanır. Abdullah ibn Übeyyin başçılıq etdiyi üç yüz nəfərlik dəstə Mədinədən kənarda döyüşməyin əleyhinə olduğunu bəhanə gətirib döyüşdən imtina edir. Nəticədə, yeddi yüz nəfərlik müsəlman qoşunu müşriklərin beş minlik qoşunu ilə qarşılaşmalı olur. Qoşunların qarşı-qarşıya gəldikləri meydan Ühüd dağının yaxınlığında olduğu üçün Abdullah ibn Cübeyrə əlli nəfər mahir oxçu ilə dağın giriş hissəsində mövqe seçməyi, nəyin bahasına olursa-olsun, yerlərindən tərpənməməyi, qoşunu arxa tərəfdən qorumağı göstəriş verir. Birinci hücumda müsəlmanlar müşriklər üzərində qələbə çalmağı bacarırlar. Bunu görən oxçuların çoxu qənimət tamahı ilə mövqelərini tərk edir. Bu zaman Xalid ibn Vəlidin başçılığı ilə pusquda durmuş dəstə dağın digər tərəfindən fırlanıb İslam ordusuna arxadan hücum edir. Bu döyüşdə müsəlmanlar məğlub oldular, müşriklər isə qələbə qazandılar. Müsəlmanların çoxu qaçdı, Əlinin (ə) başçılıq etdyi az bir dəstə Peyğəmbəri (s) qorudu. Sonda bir dəstənin Peyğəmbərin (s) əmrindən çıxması müsəlmanların məğlubiyyətinə səbəb oldu. Müsəlman qoşunu yetmiş nəfər itki və çoxlu sayda yaralı ilə Mədinəyə geri döndü[61]. Aranızdan iki dəstənin zəiflik göstərmək (və geri çəkilmək) qərarına gəldiyi, Allahın isə onlara (fikirlərindən daşınmaqda) yardım göstərdiyi vaxtı xatırla. Möminlər yalnız Allaha təvəkkül etməlidirlər! Zəif olduğunuz halda, Bədrdə Allah sizə yardım göstərdi (sizi təhlükəli düşmən üzərində qalib etdi). Nemətinə şükür etmək üçün Allahdan qorxun! (Düşmən qarşısında Allah rəsulunun əmrindən çıxmayın.) Həmin vaxt sən möminlərə deyirdin: “Rəbbinizin üç min mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi?” Bəli, əgər (bu gün də) dözümlülük göstərib təqvalı olsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq beş min nişan və əlaməti olan mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək ancaq yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır. (Allahın sizə verdiyi bu vəd) kafirlər ordusunun bir hissəsini məhv etmək (döyüş meydanında kəsib-doğramaq) və ya məyus və naümid qayıtsınlar deyə xar etmək üçündür. Sənin (kafirləri və döyüşdən qaçan möminləri əfv etmək) səlahiyyətin yoxdur. Onlar zalım olduqları üçün onları yalnız Allah bağışlaya və ya cəzalandıra bilər. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O, istədiyini bağışlayar, istədiyini cəzalandırar. Allah bağışlayandır, rəhm edəndir! Ey iman gətirənlər! Sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, nicat tapasınız! Kafirlər üçün hazırlanmış oddan çəkinin! Allaha və peyğəmbərə itaət edin ki, bağışlanmış olasınız! —————————————————————————————— Zəiflik göstərən iki tayfa: Tarixi mənbələrin yazdığına görə bu ayədə Ovs qəbiləsindən olan Bən-Sələmə, Xəzrəc qəbiləsindən olan Bəni-Harisə tayfalarına işarə edilmişdir. Onlar döyüşü şəhərin daxilində keçirilməsini təklif etmiş, Peyğəmbər (s) isə bu təkliflə razılaşmamışdı. Bundan əlavə, daha öncə də qeyd etdiyimiz kimi, Abdullah ibn Übeyy İslam qoşunlarına qoşulmuş üç yüz nəfər yəhudi ilə Mədinəyə qayıtmışdı. Bu iki məsələ iki müsəlman tayfasının döyüşmək fikrindən yayınmasına səbəb olmuşdu. Amma ayədən göründüyü kimi, onlar tezliklə öz qərarlarından daşınmış, müsəlmanlarla olan əməkdaşlıqlarını davam etdrmişlər[62]. Mələklərin yardımı: Bədr döyüşündə kafirlərlə müqayisədə müsəlmanların sayı az idi. Tarixi mənbələrin yazdığına görə müsəlmanların sayı 313 nəfər olmuşdur. Müsəlman döyüşçülərin atları və qılıncları da sayca az olmuşdur. Halbuki düşmən qoşunu silah-sursatla tam təchiz edilmiş min nəfər döyüşçüdən ibarət olmuşdur. Allah müsəlmanlara bir neçə vasitə ilə yardım göstərmişdir: düşmənlərin qəlbində qorxu və həyəcan yaratmaq, ikinci, möminlərin qəlblərini gücləndirməklə və sair. Allahın Bədr döyüşündə müsəlmanlara etdiyi qəribə köməklərdən biri də mələkləri göndərmək olmuşdur[63]. Quran ayələrindən belə başa düşülür ki, mələklərin əsas vəzifəsi müsəlmanlarda döyüş ryhiyyəsini yüksəltmək, onların əzmkarlığını artırmaq olmuşdur[64]. Sələmin tədricən qadağan edilməsi: Quranın sosial sapmalarla mübarzə zamanı tətbiq etdiyi metodda insanlara öncə yanlış əməl və davranışın zərər və ziyanları göstərilir, bundan sonra həmin əməl qadağan edilir. Bu metoddan cəmiyyətdə günah və çirkinlik daha çox yayıldığı zaman istifadə edilir. Sələm Cahiliyyət dövrünün ərəbləri arasında geniş vüsət almış və bir çox bədbəxtliklərin mənbəyi olan ictimai günahlardan idi. Buna görə də sələmin kökünü kəsmək üçün Quranda bu əməl dörd mərhələ üzrə qadağan edilmişdir: 1-ci mərhələ: “Rum” surəsinin 39-cu ayəsində sələmlə bağlı tövsiyə xarakterli bir göstəriş yer almışdır: “Xalqın mal-dövləti hesabına artması üçün sələmə verdiyiniz malın Allah yanında heç bir artımı olmaz. Allahın razılığını qazanmaq üçün verdiyiniz sədəqə (zəkat) isə belə deyil. Bunu edənlər qat-qat artıq mükafat əldə edərlər!” 2-ci mərhələ: “Nisa” surəsinin 161-ci ayəsində yəhudilərin yanlış adət-ənənələri tənqid edilərkən onların çirkin sələm adətlərinə də işarə edilir: “Qadağan etməyimizə baxmayaraq, onların davam etdrdikləri pis adətlərindən biri sələm yemək idi.” 3-cü mərhələ: “Bəqərə” surəsinin 275-279-cu ayələrində sələmin istənilən forması qadağan edilmiş, Allah və Peyğəmbərə (s) qarşı müharibə aparmaq kimi dəyərləndirilmişdir. 4-cü mərhələ: “Ali-İmran” surəsinin bu ayəsində sələmin haramlığı açıq şəkildə elan edilmiş, onun təkcə şiddətli və aşkar növündən söhbət açılmışdır. Aşkar sələm deyilərkən sərmayənin sələm istiqamətli proqressiv (irəliyə hərəkət) artımı nəzərdə tutulur. Yəni birinci mərhələdə mənfəət sərmayəyə əlavə edilir və ümumilikdə sələm predmetinə çevrilir. Bu minvalla mənfəət hər mərhələdə sərmayəyə əlavə edilib yeni sərmayə təşkil edir. Nəticədə, qısa müddət ərzində toplanan faiz ümumilikdə borclunun borcunun bir neçə dəfəyə qədər artmasına və onun tamamilə müflis olmasına səbəb olur. Tarixi mənbələr və hədislərdən bizə çatan məlumatlardan belə məlum olur ki, Cahiliyyət dövründə əgər borclu olan şəxs müddət tamamlandıqdan sonra borcunu ödəyə bilməsəydi, borc sahibindən sərmayəni və onun fazini birlikdə yeni sərmayə formasında ona borc verməyi və həmin yeni formanın faizini almasını təklif edirmiş. Müasir dünyamızda da bu qəddar sələm forması geniş yayılmışdır[65]. Peyğəmbər (s) buyurmuşdur: “Allah sələm yeyən adamın qarnına yediyi sələm qədər Cəhənnəm odu doldurar. Əgər sələmlə sərvət əldə etsə, Allah onun heç bir əməlini qəbul etməz, faizin son damlası onda qalana qədər o, Allah və mələklərinin davamlı lənəti içində olar.”[66] Rəbbinizin bağışlamasına və genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin – (ey) imkanlı vaxtalarında da, yoxsu vaxtlarında da Allah yolunda xərcləyən, qəzəblərini udan, insanların günahlarından keçən şəxslər! Allah yaxşılıq edənləri sevər. (Ey) günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyən, bilərəkdən günah etməkdə israrlı olmayan şəxslər! (Günahları Allahdan başqa kim bağışlaya bilər ki?) Onların mükafatı öz Rəbləri tərəfindən bağışlanmaq və ağacları altından çaylar axan Cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir! Sizdən əvvəl ənənələr olmuşdur. (Hər bir xalqın taleyi onun gördüyü işlərə və adət-ənənələrinə uyğun olmuşdur. Siz də onlar kimisiniz.) İndi yer üzünü gəzin və (Allahın ayələrini) təkzib edənlərin aqibətinin necə olduğunu görün! Bu, bütün insanlar üçün bir izah, müttəqilər üçün isə hidayət (doğru yolu göstərən) və nəsihətdir. Məyus və qəmgin olmayın. Əgər imanınız olsa, siz qalibsiniz! Əgər siz (Ühüd müharibəsində) yara aldınızsa, o biri (kafir) dəstə də (Bədr müharibəsində) eyni cür yara aldı. Biz bu günləri (qələbə və məğlubiyyəti) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri (başqalarından) ayırd etsin və içərinizdən şahidlər seçsin. Allah zülmkarları sevməz! ———————————————————————————– Cənnət və Cəhənnəm indi də mövcuddurmu? Bu ayəni oxuduqda ortaya belə bir sual çıxa bilər: Cənnət və Cəhənnəm yaradılmış və hal-hazırda mövcuddur, yoxsa sonradan, insanların əməlləri nətcəsində meydana gələcək? Digər tərəfdən, ayədə “Cənnətin genişliyi yer və göylər qədərdir”, – deyə buyurulur. O zaman Cənnət haradadır? Əksər İslam alimləri ayələrə və hədislərə əsaslanaraq Cənnət və Cəhənnəmin hal-hazırda mövcud olduğu, bu dünyanın daxilində və bətnində olduğu qənaətindədirlər. Biz səmanı, yeri və müxtəlif planetləri görürük, amma bu dünyanın batinində olan aləmləri görmürük. Əgər fərqli gözə və dərkə malik olsaydıq, onu görə bilərdik. Məsələn, bir çox dalğalar beş hiss üzvü ilə dərk edilə bilməsə də, xüsusi cihazlar vastəsilə tutula bilir. Bəziləri bu sualı cavablandırarkən bildirirlər ki, axirət aləmi, Cənnət və Cəhənnəm bu aləmi əhatə edir və bu aləm onun bətnindədir. Bu, körpənin öz anasının bətnində onu əhatə edən kainatdan xəbərsiz olmasına bənzəyir. Biz də bizi əhatə edən aləmdən xəbərsizik. İnsan müqayisə etmək üçün bu yer və göydən daha böyük və daha geniş varlıq tanımadığı üçün Quran Cənnətin əzəmət və genişliyini göy və yerin genişliyinə bənzətmişdir. Belə ki, əgər ana bətnində olan uşaqla söhbət etmək istəsək, onunla elə təmas yaratmalıyıq ki, onun üçün başa düşülən olsun[67]. Hər halda, Cənnət o qədər böyükdür ki, İmam Sadiq (ə) buyurmuşdur: “Cənnətin xoş ətri min illik məsafədən hiss olunar. Əgər insanlar və cinlər Cənnətin ən aşağı dərəcəsinin sakininin evində qonaq olsalar və o, onlara dadlı və ləziz yemək və içməklərdən versə, nemətlərindən azalmaz və əskilməz.”[68] Deməli, dünyanın bütün sakinləri bir Cənnət sakininin evinə yerləşir. Yəni bütün Cənnət əhli üçün olan Cənnət deyil, təkcə bir Cənnət sakininin evi kainat qədər böyükdür. Bəs ağıllı insan bu əzəmətlikdə dünyanı kiçik dünyaya necə dəyişə bilər?[69] Şeytanın hiyləsinin puça çıxması: İmam Sadiq (ə) buyurmuşdur: “Bu ayə nazil olub tövbə edən günahkarlara bağışlama müjdəsi verildikdə İblis çox narahat oldu və bütün silahdaşlarını səsləyib toplantı təşkil etməyə çağırdı. Silahdaşları ondan bu toplantının səbəbini soruşdular. O, bu ayəyə görə narahat olduğunu dilə gətirdi. Onun silahdaşlarından biri dedi: “Mən insanları filan-filan günaha dəvət etməklə bu ayənin təsirini aradan qaldıra bilərəm.” İblis onun təklifini qəbul etmədi. Başqası da oxşar təklif irəli sürdü. İblis onu da qəbul etmədi. Bu əsnada Vəsvasi-xənnas adlı qocaman Şeytan dedi: “Mən problemi həll edərəm.” İblis “Necə?”, – deyə soruşduqda o dedi: “Mən Adəm övladlarını vəd və arzularla günaha aludə edərəm. Günaha batdıqdan sonra Allahı xatırlamağı və Ona dönüşü onların yadlarından çıxararam.” İblis dedi: “Çıxış yolu elə budur.” Sonra dünyanın sonuna qədər bu vəzifəni ona tapşırdı.”[70] Günahda israrlı olmaq bağışlanma istəyi ilə təzad təşkil edir: Ayənin “günahda israrlı olmayan şəxslər” ifadəsi günahda israrlı olmağın Allahdan bağışlanma istəyi ilə təzad təşkil etdiyini açıq şəkildə göstərir. İmam Sadiq (ə) buyurmuşdur: “Günahda israrlı olduğu halda, tövbə edən şəxs oyunbazdır.”[71] İmam Sadiq (ə) başqa bir hədisində belə buyurmuşdur: “İsrarla davam etdirilən kiçik günah artıq kiçik sayılmaz, tövbə və bağışlanma ilə tərk edilən günah böyük sayılmaz.”[72] (Bu, həm də) Allahın iman gətirənləri təmizləməsi və kafirləri tədricən məhv etməsi üçündür. Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri ayırd etməmişdən qabaq Cənnətə girəcəyinizimi güman edirsiniz? Siz ölümlə qarşı-qarşıya gəlməzdən əvvəl ölüm (Allah yolunda şəhid olmağı) arzulayırdınız. Sonra onu gördünüz və durub baxdınız. (Onu qəbul etməyə hazır deyildiniz. Danışığınızla əməliniz arasında çox fasilə var). Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər olmuşdur. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (İslamdan çıxıb Cahiliyyətə və küfr dövrünə qayıdacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Tezliklə Allah şükür edənlərə mükafat verəcək. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. Bu, təyin edilmiş bir taledir. (Buna görə də Peyğəmbərin (s) və ya başqalarının ölümü ilahi qanundur.) Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcəyik. Şükür edənləri də tezliklə mükafatlandıracağıq! Çoxlu sayda Allahpərəst insanın birlikdə döyüşdüyü neçə-neçə peyğəmbər olmuşdur. Onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbir edənləri sevər! Onların: “Ey Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Bizi sabitqədəm və kafirlər üzərində qalib et!” – deməkdən başqa sözləri olmamışdır. Buna görə də Allah həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini onlara verdi. Allah yaxşı iş görənləri sevər! —————————————————————————————— Həyatın çətinlikləri mömini xalisləşdirir: “Yuməhhisu” sözü mənası bir şeyi qatqılardan təmizləmək, xalisləşdirmək olan “təmhis” sözündən düzəlmişdir. Allah-taala bu ayədə bəzən insanın xeyrinə, bəzən isə ziyanına olan çətinliklərin nəticələrindən birinə işarə edir. O da bundan ibarətdir ki, insanı qatqılardan və çirkinliklərdən təmizləyir[73]. Bir çox hədis və rəvayətlərdə həyat çətinliklərinin möminin günah və çirkinliklərdən təmizlənməsinə səbəb olduğu qeyd edlmişdir. İmam Əli (ə) buyurmuşdur: “Şiələrimizdən olan heç bir bəndə bizim qadağan etdiyimiz bir işi görməz. Əgər görsə, günahlardan təmizlənməsi üçün ölməzdən əvvəl bir bəlaya düçar olar.” Sonra İmam (ə) insanın can, mal və sair cəhətdən qarşılaşdığı bəzi çətinlikləri sadalayaraq buyurmuşdur: “Bu çətinliklər Allahla görüşərkən insanın günahsız olması üçündür. Ola bilər ki, dünyadan köçərkən hansısa bir möminin günahı olsun. Belə olan halda onun can verməsi çətinləşər.”[74] İlahi sınaqlardan uğurla keçmənin mükafatı: Quranın bu və digər ayələrində İslamın təkcə dildə qəbul edilməsinin yetərsizliyinə işarə edilmişdir. Cənnətə getmək və əbədi xoşbəxtliyə nail olmaq üçün müsəlmanların sınanması, düz danışan mücahidlərin yalan danışan münafiqlərdən seçilməsi lazımdır[75]. Nəzərə almaq lazımdır ki, ilahi sınaqlar tərbiyəvi səciyyə daşıyır. Odun təzyiqi altında xalisləşməsi üçün qızılın qəliblərə tökülməsini, daha da gücləndirmək üçün əsgərlərin ağır işlərə cəlb edilməsi, iradə və dözüm tələb edən məşqlərə məcbur edilməsini buna misal göstərə bilərik. İlahi sınaqlar da belədir, insanı daha dözümlü, ayıq və xalis edir. Bir sözlə, ilahi sınaqlar insanın ruh və cisminin tərbiyə və təkamül vasitəsidir[76]. Müxtəlif sınaqlar fərdlərin daxili dünyasını və həqiqi mahiyyətini müəyyənləşdirməyə xidmət edir. Allah-taala bir bəndə vasitəsilə minlərlə bəndəni sınaqdan keçirə bilər. Məsələn, bir nəfərin varlanması ilə həyat yoldaşı, övladlar, qohumlar, dostlar, düşmənlər, qonşular və yoxsullar sınağa çəkilirlər. Sərvət verilən adam özü də sınağa çəkilir ki, görəsən bu sərvətin şükürünü yerinə yetirib Allah yolunda xərcləyəcəkmi?[77] Şəxsiyyətpərəstlik qadağandır: Döyüş meydanlarında yalanların təbliği və yayılması ruhiyyələrin zəifləməsinə təsir göstərən amillərdəndir. Düşmənlər “Ühüd” döyüşündə bu vasitədən istifadə etmişdilər. Müharibənin qızğın yerində qəfildən “Mühəmmədi öldürdüm…” səsi eşidildi. Müsəlmanların çox hissəsi əl-ayağa düşdü və tələsik döyüş meydanını tərk etdi. Amma Əli (ə), Əbu Dəcanə, Təlhə və sairdən ibarət olan fədakar və əzmkar azlıq, qalanlarını müqavimət göstərməyə çağırdılar. Bu ayədə həmin hadisəyə işarə edilir və döyüşü tərk edən dəstə ciddi şəkildə məzəmmət edilir. Şəxsiyyətpərəstlik məqsədyönlü mübarizələri təhdid edən ən böyük təhlükələrdəndir. Hətta sonuncu peyğəmbər olsa belə, müəyyən bir şəxsə bağlı olmaq həmin şəxsin itirilməsi ilə inkişafa hədəflənmiş səy və fəaliyyətlərin sona çatması deməkdir. Bu asılılıq sosial inkişafın olmamasının açıq əlamətlərindəndir[78]. Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi geri döndərər və siz də ziyana düşərsiniz. Xeyr, sizin himayəçiniz Allahdır. O, yardım edənlərin ən yaxşısıdır. Heç bir dəlil və sübut olmadan Allaha şərik qoşduqlarına görə tezliklə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri Cəhənnəmdir. Zülmkarların yeri necə də pisdir. Allah (Ühüd müharibəsində) Öz vədinə sadiq çıxdı. Siz Onun əmri ilə düşmənləri qətlə yetirdiniz. (Bu qələbə) siz zəiflik göstərənə, (mövqelərinizi tərk etmək üstündə) bir-birinizlə mübahisə edənə və istədiyinizi sizə göstərəndən sonra əmrdən boyun qaçırdığınız vaxta qədər (davam etdi). İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Sonra Allah sizi onları təqib etmək fikrindən daşındırdı. (Qələbənizi məğlubiyyətlə nəticələndirdi ki,) sizi sınaqdan keçirsin. O, sizi əfv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir! Dağa qalxdığınız və Peyğəmbərin sizi arxadan çağırmasına baxmayaraq, (qorxudan) geridə qalanlara baxmadığınız vaxtı xatırlayın. Əlinizdən çıxan şeylərə (qənimətlərə) və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz deyə Allah qəminizin üstünə qəm gətirməklə sizi cəzalandırdı. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır! —————————————————————————————— Kafirlərə itaət küfr dolu keçmişə qayıdışdır: Bu və sonrakı bir neçə ayədən məlum olur ki, Ühüd döyüşündən sonra möminlərlə qarşılaşdıqda bəzi kafirlər özlərini xeyirxah kimi göstərərək müsəlmanlara Qüreyş kafirləri ilə müharibə aparmağın bir səhv olduğunu, ümumiyyətlə, müsəlmanların kafirlərlə bacara bilməyəcəklərini deyir, gələcəkdə qarşı-qarşıya gəlməməyi məsləhət görürdülər. Xülasə, onlara təfriqə yaradacaq sözlər danışırdılar. “Ali-İmran” surəsinin 173-175-ci ayələrində bu mövzuya işarə edilmişdir. Sözügedən ayələrdə möminlərin Şeytan və şeytansifətlər tərəfindən qorxudulmasından, onların möminləri döyüşlərdən yayındırma cəhdlərindən söhbət açılır. Allah-taala bu ayədə möminləri xəbərdar edir ki, əgər kafirlərin təsirinə düşsələr, geri qalacaq, yenidən küfr və şirkə dönəcəklər[79]. Ühüd döyüşündən sonra kafirlərin qorxuya düşməsi: Təfsirçilər yazırlar ki, Ühüd döyüşündən sonra Məkkəyə geri qayıdarkən Əbu Süfyan müşriklərə deyir: “Sağ qalan müsəlmanları öldürməməkdə pis etdik. Gəlin, qayıdaq, Mədinəyə hücum edək və onları da qətlə yetirək.” Bu qərara gələr-gəlməz Allah onların qəlbinə dəhşətli bir qorxu saldı. Öz-özlərinə dedilər: “Mühəmməd Ühüddə ölənlərin intiqamını almaq fikrinə düşər, qoşun hazırlayıb bizi məğlub edər.” Buna görə də fikirlərindən daşındılar[80]. Hədislərinin birində Peyğəmbər (s) buyurmuşdur: “Allahın mənə bəxş etdyi imtiyazlardan biri budur ki, düşmənin qəlbinə qorxu salmaqla məni onlara qalib edir.” Bu məsələ müharibələrdə qələbənin ən mühüm amillərindən hesab edilir. Bu gün də bu mövzu öz aktuallığını qoruyub saxlayır. Belə ki, əsgərlərin ruh yüksəkliyi qələbəyə onların say və təchizatlarından daha çox təsir göstərir. İslam cihada olan iman və sevgi ruhunu gücləndirməklə, şəhidliyi fəxr saymaqla və qüdrətli Allaha təvəkkülü tövsiyə etməklə öz mücahdlərinə bu ruhiyyəni ən yüksək səviyyədə aşılayır. Halbuki güvənc yerləri iradəsiz və cansız bütlər olan bütpərəstlər ölümdən sonrakı həyata inanmırdılar, xurafat onların fikirlərini bulaşdırmışdı, ruhiyyələri çox zəif idi. Müsəlmanların onların üzərində qələbə çalmasına səbəb olan amillərdən biri məhz bu ruhiyyə fərqi idi[81]. Peyğəmbərin (s) göstərişlərinə əməl etməmək məğlubiyyətə səbəb olur: Tarixi mənbələrin yazdığına görə müsəlmanlar sübh tezdən dağın ətəyinə çatırlar. Peyğəmbər (s) Abdullah ibn Cübeyrə əlli mahir oxçu ilə birlikdə dağ keçidində durmağı göstəriş verir. Onlara israrla, hər nə olursa olsun, yerlərindən tərpənməməyi, müsəlmanları arxa tərəfdən qorumağı tapşırır. Onlara göstəriş verərkən deyir: “Əgər biz düşməni Məkkəyə qədər, onlarsa bizi Mədinəyə qədər təqib etsələr belə, siz yerinizdən tərpənməyin, mövqelərinizi tərk etməyin.” Lakin İslam ordusunun düşməni geri oturtduğunu görən oxçuların bir qismi qənimət tamahı ilə öz mövqelərini tərk edir və Abdullah ibn Cübeyrə qulaq asmır. Bu zaman iki yüz nəfər sayseçmə əsgərlə pusquda durmuş Xalid ibn Vəlid dağı dövrə vurub dağ keçidindən keçərək, İslam ordusuna arxadan hücum edir. Abdullah ibn Cübeyr və mövqelərini tərk etməmiş əsgərlərin müqaviməti isə heç bir fayda vermir və hamısı şəhid olur. Xalid ibn Vəlidin dəstəsi müsəlmanları qəfil yaxalayır və bu hadisə döyüşün taleyinin dəyişməsinə, müsəlmanların məğlub olub döyüş meydanından qaçmasına səbəb olur. Allah-taala bu ayədə Peyğəmbərin (s) döyüşdən əvvəl verdiyi qələbə müjdəsinin doğru olduğunu, məğlubiyyətə onların özlərinin səbəb olduğunu qeyd edir. Peyğəmbərin (s) göstərişlərinə tabe olduqları müddətdə qələbə onların əlində idi, yalnız o zaman məğlub oldular ki, itaətszlik göstərdilər[82]. Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq göndərdi. Xəfif bir yuxu şəklində gələn bu rahatlıq sizin bir qisminizi sardı. O biri qisminiz isə ancaq öz canlarının hayına qalaraq: “Qələbənin bizə xeyri varmı?” – deyə Allaha qarşı haqsız yerə, Cahiliyyətə xas olan düşüncələrə qapıldılar. De: “Bütün işlər (qələbələr) Allahın əlindədir.” Onlar ürəklərində sənə açıb demədikləri şeyləri gizlədərək: “Əgər bizim qələbədə payımız olsaydı, burada öldürülməzdik”, – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər. Bunlar Allahın ürəklərinizdə olanları yoxlayıb aşkara çıxartması və qəlblərinizdə olanları təmizləməsi üçündür. Allah ürəklərinizdə olanlardan xəbərdardır.” (Ühüd müharibəsində) iki ordunun qarşılaşdığı gün qaçanları Şeytan düçar olduqları bəzi günahlar sayəsində yoldan çıxartdı. Allah onları bağışladı. Allah bağışlayandır, həlimdir! Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları haqqında: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”, – deyən kafirlər kimi olmayın! (Qoyun) Allah bunu onların qəlbində həsrətə çevirsin[83]. Dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir! Əgər Allah yolunda öldürülsəniz və ya ölsəniz, Allahın rəhmi onların (bütün ömürləri boyu) topladıqlarından yaxşıdır. ——————————————————————————————– Ühüd döyüşündən sonrakı gecə: Ühüd döyüşündən sonrakı gecə iztirablı və ağrılı gecə olmuşdur. Müsəlmanlar Qüreyşin qalib əsgərlərinin yenidən Mədinəyə qayıdacağını və müsəlmanların sonuncu müqavimətini qıracaqlarını proqnozlaşdırırdılar. Bəlkə də bütpərəstlərin qayıtmaq qərarı ilə bağlı xəbər onlara çatmışdı. Əgər qayıtsaydılar, şübhəsiz ki, döyüşün ən təhlükəli mərhələsi baş verəcəkdi. Bu əsnada Ühüddən qaçdıqlarına görə peşiman olan, Allahın lüfkarlığına sığınan, Peyğəmbərin (s) gələcək vədlərinə əmin olan tövbəkar və həqiqi mücahidlər bu qorxu və iztirablara, əyinlərindəki döyüş paltarlarına və silahlarına baxmayaraq, rahat idilər. Münafiqlər, imanı zəif olanlar və qorxaqlar fikir və narahatçılıqdan gecə yata bilməmiş, çarəsizlikdən həqiqi möminlərə keşikçilik etmişdilər. Bu ayədə həmin gecə baş verənlər haqqında məlumat verilmişdir[84]. Bəzi müsəlmanların başında şirkə bulaşmış fikirlər hələ də qalmaqda idi: Təfsirçilər “Allaha qarşı haqsız yerə, Cahiliyyətə xas olan düşüncələrə qapıldılar” cümləsini şərh edərkən qeyd ediblər ki, İslamı təzəcə qəbul etmiş, Quranın təbirncə desək, “öz canlarının hayında olan” bəzi müsəlmanlar İslamdan əvvəl, Cahilyyət və bütpərəstlik dövründə məişət təminatı, həyat və ölüm, sevgi, müharibə, insanlar, göylər, yer və sairənin hər birinin bir rəbbi və idarəedicisi olduğuna, Allahın həmin işlərin tamamilə bunların ixtiyarına verdiyinə, onların öz iradələrində qətiyyətli olduqlarına, istədiklərini etdiklərinə inanırdılar. Bütpərəstlər bu tanrılara öz xoşbəxtliklərinə qovuşmaq, bədbəxtlikləri özlərindən uzaq etmək üçün ibadət edirdilər. Allahı isə bu tanrıların rəbbi, böyük tanrı hesab edirdilər. Tanrıların hər biri öz yaratdıqlarını onların ən böyüyünün ixtiyarına vermiş, onu tam səlahiyyət sahibi etmişdi. Həmin məxluq öz nüfuz darəsində istədiyini edə bilərdi. Bu müşriklər iman gətirdikdən sonra haqq dinin zahirən inkişaf etdiyini, Peyğəmbərin (s) isə öz çağırışlarında məğlub olmayacağı və ya öldürülməyəcəyini, ölməyəcəyini güman edirdilər. İslamı təzəcə qəbul etmiş bu müsəlmanların Allahın bənzəri, bu bənzərlərdən birinin Peyğəmbər (s), Peyğəmbərin (s) rəbb olması, Allahın düşmənlər üzərində qələbə çalmağı və qənimət toplamağı ona həvalə etməsi ilə bağlı düşünmələri də Cahiliyyət dövrünün inanclarından qaynaqlanırdı. Halbuki biz Allahın tək olduğunu, heç bir şərikinin olmadığını, bütün işlərin Onun əlində olduğunu, heç kəsin ixtiyarının öz əlində olmadığını bilirik. Buna görə də növbəti ayədə (De: “Bütün işlər Allahın əlindədir”) qeyd olunan bulaşıq təfəkkür tərzinə cavab verilmişdir[85]. Allah yolunda öldürülmək: Bu ayədə Allah yolunda edilən bütün səfərlərdən bəhs edilir. Allah yolunda cihad və döyüşməyi, dini təhsil almağı, həcc ziyarətini, digər ziyarətləri və sair üçün edilən səfərləri buna misal göstərə bilərik. Belə ki, Allah-taala “Nisa” surəsinin 100-cü ayəsində belə buyurmuşdur: “Kim evindən çıxıb Allaha və onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər! Allah bağışlayandır, rəhm edəndir!”[86] Ölsəniz də, öldürülsəniz də, mütləq, Allahın hüzuruna toplanacaqsınız! (Deməli, sonunuz puçluq və fanilik olmaycağı üçün fanilik qorxunuz olmasın.) Allahın mərhəməti səbəbilə sən onlara qarşı mülayim davrandın. Əgər qaba və daşürəkli olsaydın, ətrafından dağılışıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işlərdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər! Əgər Allah sizə yardım etsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizə olan yardımını saxlasa, Ondan sonra sizə kim kömək edə bilər? Möminlər təkcə Allaha təvəkkül etsinlər! (Peyğəmbərin sizə xəyanət etdiyini düşünürdünüz? Halbuki) heç bir peyğəmbər xəyanət etməz. Əmanətə xəyanət edən şəxs, Qiyamət günü xəyanət etdiyi şeyi özü ilə gətirər. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi tam şəkildə verilər və onlara haqsızlıq edilməz! Allahın razılığını qazanmaq üçün çalışan şəxs Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun (qəzəbə düçar olanın) yeri Cəhənnəmdir. Onun aqibəti çox pisdir! Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. Allah möminlərə onların öz içərisindən Allahın ayələrini onlara oxuyan, onları (pis əməllərdən) təmizləyən, Kitabı (Quranı) və hikməti onlara öyrədən bir peyğəmbər göndərdiyi vaxt minnət qoydu (böyük bir nemət bəxş etdi). Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. Siz (Bədr müharibəsində) onları ikiqat müsibətə düçar etdiyiniz halda, (Ühüd müharibəsində) başınıza müsibət gəldiyi zaman: “Bu, haradan gəldi?” – dediniz. Söylə: “Bu sizin özünüzdəndir”. Həqiqətən, Allah hər şeyə qadirdir! ————————————————————————————– Peyğəmbərin (s) gözəl əxlaqı: Bu ayədə Peyğəmbərin (s) gözəl əxlaqından bəhs edilir. Peyğəmbərin (s) malik olduğu əxlaq ağıl və düşüncənin onun həqiqətini dərk edə bilmədiyi möcüzələrindəndir. Həqiqətən də İslamın əsl inkişaf səbəblərindən biri Peyğəmbərin (s) gözəl əxlaqı olmuşdur. Deyilənə görə İslamın inkişafına üç amil səbəb olmuşdur: Xədicənin (ə) malı, Əlinin (ə) qılıncı, Peyğəmbərin (s) əxlaqı. İslam peyğəmbərinə (s) ən yaxın adamlardan olan İmam Əli (ə) onu belə səciyyələndirmişdir: “Onun gözəl əxlaqına və yerli-yerində olan davranışlarına baxmaq həqiqət axtarışında olan düşüncə sahibi üçün yetərli dərəcədə parlaq bir dəlildir. Səbir, dözüm, təbəssüm, təvazökarlıq, səhvə yol verən adamın səhvini görməməzliyə vurmaq, yoxsullara qarşı mehriban olmaq, kasıblara köməklik, çətinliklərə dözmək, bəyənilən səciyyələrin cəmlənməsi, dünyaya qarşı ehtyacsızlıq, dünyadan üz döndərmək, çoxlu-çoxlu ehsan və yaxşılıqlar etmək, cəsur və şücaətli olmaq, günü aclarla keçirmək, acından qarnına daş bağlamaq, başqasının dəvətini qəbul etmək, qullar kimi yemək, insanlar arasında onlardan biri kimi gəzmək, ayaqları şişənə qədər ibadət etmək, saysız-hesabsız, saymaqla bitməyən digər gözəl xüsusiyyətlər ona aid olan davranışlar idi.”[87] Məşvərət və məsləhət: Təfsirçilər “işlərdə onlarla məsləhətləş” cümləsini təfsir edərkən bildirirlər ki, bu göstəriş ona görə idi ki, Peyğəmbər (s) Ühüd döyüşündən əvvəl düşmənlə necə qarşılaşmaq haqqında öz səhabələri ilə məsləhətləşdi. Əksəriyyətin rəyinə əsasən düşərgənin Ühüd dağının ətəyində qurulması qərarına gəldilər. Bu rəy istənilən nəticəni vermədiyi üçün çoxları hesab etdi ki, Peyğəmbər (s) gələcəkdə kiminlə isə məsləhətləşməməlidir. Quran qeyd olunan təfəkkür tərzinə cavab verir və bəzi məqamlarda ziyanlı olacağına baxmayaraq, yenə də məsləhətləşməyi göstəriş verir. Çünki ümumilikdə məsləhətləşmənin faydaları ziyanlarından çoxdur. Onun fərdi və ictimai inkişafı, fərdin şəxsiyyətinin formalaşmasına göstərdiyi təsir hər şeydən üstündür. Ümumiyyətlə, İslam məsləhətləşməyə xüsusi önəm verir. Baxmayaraq ki, səmavi vəhyə əsaslandığı, güclü təfəkkürə malik olduğu üçün Peyğəmbərin (s) məsləhətləşməyə ehtiyacı yox idi, ancaq həm müsəlmanların diqqətini məsləhətləşmənin əhəmiyyətinə yönəltmək, məsləhətləşmənin onların həyatlarının əsas proqramına çevirmək, həm də onlarda fikir və mühakimə gücünü inkişaf etdirmək üçün müsəlmanların qanunverici deyil, qanunların icrası kontekstinə aid olan ümumi məsələlərində onlarla məsləhətləşirdi. Peyğəmbər (s) fikir və rəy sahibi olanlara xüsusilə dəyər verirdi. Peyğəmbər (s) Ühüd döyüşü ilə bağlı müzakirədə belə buyurmuşdur: “Rəhbərləriniz yaxşılarınız, sərvətliləriniz səxavətliləriniz olsa, işləriniz məsləhət və məşvərətə əsaslansa, yerin üstü sizin üçün yerin altından daha yaxşı olar. Yox, əgər rəhbərləriniz pislər, varlılarnız simiclər olsa, işləriniz məsləhət və məşvərətə əsaslanmasa, yerin altı sizin üçün yerin üstündən daha yaxşı olar.”[88] Dünya malı müsəlmanların Ühüd müharibəsindəki məğlubiyyətinin səbəbidir: Bəzi təfsirçilər qeyd edirlər ki, bu ayə Ühüd döyüşündə iştirak etmiş döyüşçülərin bəzi əsassız üzrxahlıqlarına cavab vermişdir. Belə ki, Ühüdün bəzi oxçuları həssas mövqelərini qənimət toplamaq niyyəti ilə tərk etmək istədikdə komandirləri onlara yerlərindən tərpənməməyi əmr edir və Allah rəsulunun onları qənimətdən məhrum etməyəcəyini deyir. Lakin bu dünyapərəstlər öz həqiqi simalarını gizlətmək üçün “biz qorxuruq ki, qənimətlərin bölgüsü zamanı bizi diqqətdən kənarda qoysun. Buna görə də özümüzə qənimət çırpışdırmalıyıq”, – deyə cavab verirlər və öz mövqelərini tərk edib qənimət toplamağa başlayırlar. Nəticədə, acı hadisələr baş verir[89]. İki dəstənin (müsəlman və kafirlərin) qarşılaşdığı gündə (Ühüd günü) başınıza gələn, Allahın əmrilə (ilahi ənənəyə uyğun olaraq) baş verdi. Bu, möminləri ayırd etmək üçün idi. Bu, həm də münafiqlərin tanınması üçün idi. Onlara: “Gəlin Allah yolunda vuruşun, yaxud sizə aid olanı müdafiə edin! – deyildikdə onlar: “Əgər döyüş olacağını bilsəydik, sizin ardınızca gələrdik (amma bilirik ki, olmayacaq)” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Allah onların gizlətdiklərini çox yaxşı bilir! (Yardım əlini uzatmaqdan imtina etdikləri) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, – deyənlərə söylə: “Əgər doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!” (Ey Peyğəmbər!) Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər. Onlara Rəbləri yanında ruzi əta olunur. Onlar Allahın Öz mərhəmətindən bəxş etdiyi nemətlərə görə şaddırlar, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin (gələcək mücahid və şəhidlərin) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə sevinirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə məmnundurlar. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb təqvalı olanlarını böyük bir mükafat gözləyir! Bunlar o adamlardır ki, insanlar onlara: “Camaat sizə qarşı toplanmışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir!” – deyə cavab verdilər. —————————————————————————————– 169-171. Şəhidin məqam və əzəməti: İmam Sadiqə (ə) istinad edilən bir hədisdə bu ayələrin Bədr və Ühüd şəhidləri haqqında nazil olduğu qeyd edilmişdir. Allah-taala Ühüd şəhidlərinin ruhuna xitab edərək: “Nə arzunuz var?”- deyə soruşdu. Onlar: “İlahi, bizim bundan böyük nə arzumuz ola bilər ki? Sənin əbədi nemətlərinə qərq olmuşuq, Sənin ərşinin kölgəsində məskunlaşmışıq. Bizim yeganə istəyimiz budur ki, yenidən həyata qayıdıb yenidən şəhid olaq”, – deyə cavab verdilər. Allah buyurdu: “Mənim dəyişməz əmrimə əsasən heç kəs ikinci dəfə dünyaya qayıda blməz.” Dedilər: “İndi ki belədir, onda salamımızı Peyğəmbərə (s) çatdır, haqqımızda salamat qalanlara danış və onlara Sənin bizdən, bizim isə Səndən razı qaldığımızı de.” Bundan sonra “Ali-İmran” surəsinin 169-171-ci ayələri nazil oldu. Hər halda, belə nəticəyə gəlirik ki, imanları zəif olanlar Ühüd hadisəsindən sonra Ühüddə şəhid olan dostlarına və yaxınlarına görə təəssüflənir, onların ölməsindən və məhv olmasından narahat olurdular. Xeyir əldə etdikləri və onların yerlərini boş gördükləri zaman daha çox narahat olur və öz-özlərinə deyirdilər: “Biz bu cür naz-nemət içindəyik, amma qardaşlarımız və övladlarımız qəbirlərdə yatırlar, əlləri hər şeydən üzülüb.” Bu sözlər yanlış və reallıqdan uzaq olması ilə yanaşı salamat qalanların ruhiyyəsinə də mənfi təsir göstərirdi. Bu ayələr həmin fikrilərin üzərindən bir xətt çəkdi, şəhidlərin uca və üstün məqama layiq görüldüklərini bəyan etdi. Burada “həyat” deyilərkən, öldükdən sonra ruhların malik olduğu Bərzəx həyatı nəzərdə tutulur. Baxmayaraq ki, öldükdən sonra yaşamaq təkcə şəhidlərə aid deyil, sadəcə, şəhidlər çox yüksək həyata, növbənöv mənəvi nemətlərlə müşayiət olunan həyata malik olduqları üçün Bərzəxin digər sakinlərinin yaşayışı onların yanında çox aşağadır. İmam Rzanın (ə) İmam Əliyə (ə) istinad etdiyi məlumatda belə qeyd edilmişdir: İmam Əli (ə)  xütbə oxuyur, camaatı cihada həvəsləndirirdi. Bu vaxt ayağa qalxan bir gənc: “Ey möminlərin əmiri, mənə Allah yolunda döyüşənlərin üstünlüklərindən danış” – deyə müraciət etdi. İmam Əli (ə) buyurdu: “Zatüs-səlasil” döyüşündən qayıdırdıq. Mən Peyğəmbərin (s) miniyinin tərkinə minmişdim. Eyni sualı mən Peyğəmbərdən (s) soruşdum. O buyurdu: “Mücahidlər döyüş meydanında döyüşmək qərarına gələndə Allah Cəhənnəmdən azad olmanı onlara vacib edir, əllərinə silah alıb döyüşə hazırlaşdıqda mələklər onların varlığı ilə fəxr edirlər. Həyat yoldaşları, övladları və yaxınları onlarla vidalaşdıqda günahları bağışlanır… Bundan sonra gördükləri elə bir iş yoxdur ki, mükafatlandırılmasınlar. Hər gün üçün min abidin etdiyi ibadətin mükafatı onlara yazılır…. Düşmənlə qarşı-qarşıya gəldikləri vaxt qazandıqları savabın miqyasını dünya əhalisi dərk edə bilməz. Döyüş meydanına ayaq basdıqda, nizələr və oxlar işə düşdükdə, təkbətək döyüşlər başladıqda mələklər öz qanadları ilə onları dövrəyə alır və Allahdan onların sabitqədəm olmasını istəyirlər. Bu vaxt çarçı car çəkərək deyir: “Cənnət qılıncların kölgəsindədir.” Həmin vaxt düşmənin şəhidin bədəninə vurduğu zərbələr yayın istisində içilən sərin sudan daha şirin olur. Şəhid miniyindən yıxıldıqdan sonra hələ yerə çatmamış Cənnətin huriləri onu qarşılamağa gəlirlər, Allahın onun üçün hazırladığı maddi və mənəvi nemətlərdən danışırlar. Şəhid yerə uzandığı vaxt yer deyir: “Pak bədəndən qalxan pak ruha salam olsun! Heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir insanın təsəvvür edə bilmədiyi nemətlər sənin yolunu gözləyir.” Allah buyurur: “Mən onun salamat qalanlarının hamisiyəm. Onları şadlandıran Məni şadlandırıb, onları qəzəbləndirən Məni qəzəbləndirmişdir…”[90] Buna görə də Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük nemət və mərhəmət sahibidir. Bu, yalnız Şeytandır ki, öz ardıcıllarını qorxudur. Onlardan qorxmayın! Əgər imanınız varsa, Məndən qorxun! Küfrə tələsənlər səni kədərləndirməsinlər! Onlar Allaha heç bir zərər yetirə bilməzlər, Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir cəza gözləyir! İmanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Onları şiddətli bir əzab gözləyir! Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onları xaredici bir əzab gözləyir. Allah pisi yaxşıdan ayırmadan möminləri sizin (indi) olduğunuz vəziyyətdə qoyan deyildi. Allah sizi qeyb sirlərindən xəbərdar edən də deyildi. (Bu şəkildə möminlərlə münafiqlər məlum olardı. Bu, isə ilahi qanunauyğunluğa ziddir.) Lakin, Allah Öz elçiləri arasından istədiyi şəxsi seçər (ona rəhbərlik vəzifəsini yerinə yetirmək üçün lazım olan bəzi qeyb sirlərini bildirər). Buna görə də Allaha və Onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir! Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər bu əməlin onlar üçün xeyirli olduğunu güman etməsinlər. Xeyr, bu, onlar üçün zərərlidir. Tezliklə xəsislik etdikləri şey Qiyamət günü boyunduruq kimi boyunlarına dolanacaq. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! ———————————————————————————– Həmraül-əsəd döyüşü: Bu və əvvəlki iki ayədə Həmraül-əsəd döyüşünə işarə edilmişdir. Ühüd döyüşünün sonunda Əbu Süfyanın qalib gəlmiş ordusu sürətlə Məkkə yolunu tutdu. “Rəvha” adlanan əraziyə çatdıqda çox peşman olduqlar, Mədinəyə qayıdıb sağ qalan müsəlmanları da öldürmək qərarına gəldilər. Bundan xəbər tutan Peyğəmbər (s) qoşunun başqa bir döyüşə hazırlanmasına göstəriş verdi. Hətta yaralıların da bu orduya qoşulmasına əmr verdi. Xəbər Qüreyş qoşunlarına çatdıqda müsəlmanların bu müqavimət əzmkarlığından qorxuya düşdülər. Bu əsnada Əbu Süfyan ordusunun ruhiyyəsini zəiflədəcək başqa bir hadisə də baş verdi. Mədinədən Məkkəyə səfər edən Mübəd Xüzai adlı bir şəxs Peyğəmbər (s) və səhabələrinin vəziyyətini görüb çox təsirləndi və Peyğəmbərə (s) dedi: “Sizin vəziyyətiniz mənim üçün çox dözülməzdir”. Bu sözləri deyib oradan uzaqlaşdı. Rəvha ərazisində Əbu Süfyanın ordusu ilə rastalaşdı. Əbu Süfyan ondan İslam peyğəmbəri (s) haqda soruşdu. O isə belə cavab verdi: “Mühəmmədin böyük bir ordu ilə sizin arxanızca gəldiyini gördüm.” Bunu eşidən Əbu Süfyan və ordusu qətiyyətlə geri çəkilmək qərarına gəldi. Geri çəkilə bilmək üçün vaxt qazanmaq və müsəlmanları təqib etmək fikrindən yayındırmaq üçün oradan keçib Mədinəyə tərəf gedən Əbdülqeys qəbiləsindən olan bir dəstədən Peyğəmbərə (s) Əbu Süfyan və Qüreyş bütpərəstlərinin böyük bir ordu ilə Mədinəyə tərəf getdiyini və Peyğəmbərin silahdaşlarının qalan hissəsini qırmaq niyyətində olduqlarını deməsini xahiş edirlər. Bu xəbər Peyğəmbərə (s) və müsəlmanlara çatdıqda dedilər: “Allah bizə yetər və O, ən yaxşı himayəçidir.” Amma nə qədər gözlədilər, düşmən qoşunlarından bir xəbər çıxmadı. Buna görə də üç gün qaldıqdan sonra Mədinəyə qayıtdılar. Sözügedən ayələrdə bu hadisəyə işarə edilmişdir[91]. Kafir və günahkarların rifahı zahirdə nemət, batində isə əzabdır: Bu ayə çoxlarının beynindən keçən bir suala cavab verir. Nə üçün zalımlar və günahkar insanların bir qrupu bol nemət içində yaşayır, Allahın bəlasına gəlmirlər? Quran buyurur: Bunlar islah olunmayan insanlardırlar, yaranış qanunauyğunluğuna, ixtiyar və iradə azadlığı prinsipinə əsasən öz başlarına buraxılıblar ki, tənəzzülün ən son həddinə çatsınlar və daha ağır cəzalara layiq olsunlar. Bundan əlavə, Quranın bəzi ayələrindən belə məlum olur ki, Allah-taala bəzən belə adamlara çoxlu nemət verir, amma elə bu dünyada daha çox acı çəkmələri üçün qələbə, sevinc və qürur ləzzətinə qərq olduqları zaman qəfildən hər şeylərini alır. Çünki belə bir təmtəraqlı həyatdan ayrılmaq çox ağırdır. Belə ki, Allah-taala “Ənam” surəsinin 44-cü ayəsində belə buyurmuşdur: “Onlara edilmiş xəbərdarlığı unutduqları zaman tam şadlanmaları üçün hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Qəfildən onları yaxaladıq və onlar məyus oldular (ümid qapıları onların üzlərinə bağlandı).”[92] Hər halda, bilmək lazımdır ki, maddi nemətlərin artması heç də həmişə insanın xeyrinə olmur. İmam Əli (ə) buyurmuşdur: “Ey Adəm övladı, Allah-taalanın sənə ardı-arası kəsilmədən nemət verdiyini, sənin isə itaətsilik etməkdə davam etdiyini gördükdə Onun cəzasından qorx!”[93] Zəkat verməyənin cəzası: İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “Kim zəkat verməsə, Allah-taala onun malını oddan olan boyunduruqlara çevirər, sonra deyər: “Dünyada bu malları əsla özündən uzaq tutmadığın kimi, indi də onları götürüb boynundan as!”[94] Habelə məsumlardan zəkat verməyən haqqında belə bir hədis rəvayət edilmişdir: “Qiyamət günü zəhərli bir ilan zəkat verməyən şəxsin boğazına sarılacaq, insanlar hesab-kitablarını qurtarana qədər onu çalacaq.”[95] “Allah kasıbdır, biz isə ehtiyacsızıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” – deyəcəyik. Bu, sizin öz əllərinizlə gördüyünüz əməllərin nəticəsidir, Allah bəndələrinə əsla zülm edən deyildir! “Allah bizə əmr etmişdir ki, odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə belə cavab ver: “Məndən əvvəl peyğəmbərlər gəlmiş, sizə açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz?” Əgər onlar səni yalançı sayarlarsa (bu, heç də yeni bir şey olmaz, çünki) səndən əvvəl açıq dəlillər, mətin və möhkəm səhifələr, nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar. Hər bir kəs ölümü dadacaqdır. Siz Qiyamət günü öz mükafatınızı tam şəkildə alacaqsınız. Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar. Dünya həyatı isə aldadıcı sərmayədən başqa bir şey deyildir. Əlbəttə, siz malınız və canınızla sınağa çəkiləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və müşriklərdən bir çox narahatedici sözlər eşidəcəksiniz. Əgər səbir edib təqvalı olsanız, (daha yaxşıdır, çünki) bu, mühüm və etibarlı işlərdəndir. ————————————————————————————— Nə üçün yəhudilər Allahın yoxsul olduğunu düşünürdülər? İmam Sadiq (ə) bu ayə haqqında belə buyurmuşdur: “And olsun Allaha, Allahın yoxsul olduğunu deyənlər Allahı görməyiblər ki, yoxsul olduğunu da bilsinlər. Lakin onlar Allah dostlarının kasıb olduğunu görüb deyirdilər ki, əgər Allah varlı olsaydı, dostlarını da varlı edərdi. Bu səbəbdən də mal-dövlətlərinə görə Allah qarşısında öyünürdülər.”[96] Yəhudilərin Peyğəmbərə (s) bəhanələr gətirməsi: Bəzi təfsirçilər yazırlar ki, yəhudilərin “odun (ildırımın) yandıracağı bir qurban gətirməyincə” fikri həzrət Adəmin (ə) iki oğlunun qurbanlıq hadisəsindən qaynaqlanır. Belə ki, “Maidə” surəsinin 27-ci ayəsində belə buyurulmuşdur: “İki qurbanlıq təqdim etdikləri vaxt onların birindən qəbul edildi, digərindən isə qəbul edilmədi.” Deyilənə görə Habilin qurbanlığının (qurbanlıq qoyununun) qəbul olunmasının əlaməti onun göydən gələn od vasitəsilə yanması olmuşdur[97]. Daha ətraflı məlumat almaq istəyənlər “Maidə” surəsinin 27-ci ayəsinə müraciət edə bilərlər. Hər kəs ölümü dadacaq: “Dadmaq” ifadəsi ilə tam şəkildə hiss etməyə işarə edilmişdir. Bəzən insan bir qidanı görür, əli ilə ona toxunur, amma dadmayana qədər onu tam şəkildə hiss etmir. Yaranış sistemində ölüm insan və canlı varlıqlar üçün bir növ qidadır[98]. Deyilənə görə İmam Əli (ə) bir cənazənin arxasınca gedirmiş. Bir nəfərin güldüyünü eşidib buyurur: “Sanki ölüm bizim deyil, başqasının taleyinə yazılıb. Sanki haqq bizdən başqasına vacib olub. Düşünürsən ki, bu gördüyümüz ölülər tezliklə bizim yanımıza qayıdacaq olan qonaqlardır. Onları qəbirlərinə qoyub mallarını yeyirik. Sanki onlardan sonra əbədi qalacağıq…”[99] Cəhənnəmin cazibəsi: “Zuhzihə” insanın özünü tədricən nəyinsə təsirindən uzaqlaşdırmasına, “fazə” isə məhvdən xilas olub məhbuba qovuşmağa deyilir. Cəhənnəm odunun cazibəsindən xilas olub Cənnətə daxil olanlar xilas olub öz məhbublarını tapanlardır. Sanki Cəhənnəm var gücü ilə insanı özünə tərəf cəzb edir. Doğrusu, insanı özünə tərəf çəkən amillərin qəribə bir cazibəsi var[100]. Peyğəmbər (s) buyurmuşdur: “And olsun Allaha, Cənnətdə şallağınızın izi qədər olan yer bütün dünya və onda olanların hamısından yaxşıdır.” Sonra Peyğəmbər (s) bu ayəni oxumuşdur: “Oddan uzaqlaşdırılıb Cənnətə daxil edilən şəxslər xilas olacaqlar.”[101] Müşriklərin əziyyət verməsi, narahatçılıq yaratması: Bu ayənin nazilolma səbəbindan bəhs edərkən bildirirlər ki, müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikdən, evlərindən və buradakı həyatlarından uzaq düşdükdən sonra müşriklər onların əmlakını mənimsədilər. Mədinəyə gəldikdən sonra Mədinə yəhudilərinin tənə və acı sözləri ilə qarşılaşdılar. Xüsusilə Kəb ibn Əşrəf adlı bir yəhudi şair öz şeirlərində Peyğəmbəri (s) və müsəlmanları təhqr edir, müşrikləri onlara qarşı qaldırırdı. Hətta müsəlman qızlarını və qadınlarını qəzəllərinin, eşqbazlıqlarının mövzusuna çevirirdi. Bu şairin tərbyəsizliyi elə bir həddə çatdı ki, Peyğəmbər (s) onun qətlinə fərman verdi və müsəlmanlar onu qətlə yetirdilər. Hədislərə görə bu ayədə həmin hadisələrə işarə edilmiş və müsəlmanların öz müqavimətlərini davam etdirməsinə stimul verilmişdir[102]. (Xatırlayın!) Allah kitab əhlinə: “Siz onu gizlətməyib insanlar üçün aydınlaşdırmalısınız!” – deyə əmr etdiyi zaman onlar buna (kitaba) arxa çevirdilər və onu az (kiçik) bir qiymətə satdılar. Necə də ucuz mal alırlar! Etdikləri (çirkin) əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir! Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir! Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (açıq-aşkar) dəlillər vardır. Ayaq üstə olanda da, oturanda da, böyrü üstə uzananda da Allahı xatırlayanlar göylərin və yerin yaradılış sirləri haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi Cəhənnəm odunun əzabından qoru! Ey Rəbbimiz! Sən Cəhənnəm oduna atdığın şəxsi xar və rüsvay edərsən və zalımlara kömək edən olmaz! Ey Rəbbimiz! biz: “Rəbbinizə inanın!” – deyə imana dəvət edən carçının çağırışını eşidib iman gətirdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al! Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və Qiyamət günündə bizi rüsvay etmə! Çünki Sən Öz vədinə xilaf çıxmazsan!” ————————————————————————————- Allahın alimlərə din maarifini izah etmək əmri verməsi: Bu ayə kitab əhlinin alimləri haqqında nazil olsa da, Allahın göstərişləri və dini maarifi izah etmək və yaymaq vəzifəsi daşıyan bütün din alimlərinə şamildir. Allah onların hamısına bu məsələ ilə bağlı ciddi tapşırıq verib. Bu ayədəki “təbyin” (izahetmə) sözünə diqqət yetirdikdə məlum olur ki, burada təkcə ayələri oxumaq və səmavi kitabları yaymaq nəzərdə tutulmamışdır. Alimlərin vəzifəsi dini həqiqətləri açıq və aydın şəkildə başa salmaq, bütün insanları onlardan xəbərdar etməkdir. Din maarifinin izahında və müsəlmanlara açıqlama verməkdə səhlənkarlıq edənləri Allahın bu ayədə yəhudi alimləri üçün vəd verdiyi aqibət gözləyir. İslam peyğəmbəri (s) buyurmuşdur: “Elmi ona ehtiyac duyanlardan gizlədən şəxsin ağzına Qiyamət günü oddan bir yüyən vurulacaq”. Həsən ibn Əmmardan belə nəql edilmişdir: “Bir gün Zühərinin yanına getmişdim. O, camaata hədis deməyi tərk etmişdi. Ona dedim: – Eşitdiyin hədisləri mənə de. Dedi: – Məgər bilmirsən ki, artıq heç kəsə hədis demirəm? Dedim: –  Ya sən mənə hədis de, ya da mən sənə hədis deyəcəm. Dedi: – Sən de! Dedim: – Əli (ə) buyurub: “Allah nadanlara öyrənmək əmri verməzdən əvvəl alimlərə öyrətmək əmri vermişdir.” Bu hədisi ona dedikdən sonra susqunluğuna son qoyaraq dedi: – İndi qulaq as, deyim… Həmin məclisdə mənə qırx hədis dedi”.[103] Görülməmiş yaxşı işə görə tərif gözləmək: Hədisçilər və təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı müxtəlif fikirlər qeyd etmişlər. Bu fikirlərin birində qeyd edilir ki, bir qrup yəhudi öz səmavi kitablarını təhrif edib orada olan həqiqətləri gizlədir, bu yolla öz məqsədlərinə nail olduqlarını düşünür, bu əməllərinə görə çox sevinir, eyni zamanda, camaatın onları alim, din himayəçisi və vəzifətanıyan olduqlarını düşünmələrini istəyirdilər. Quranın bu ayəsi onların qeyd olunan yanlış düşüncəsinə cavab verdi. Əlbəttə, bu ayədə təkcə yəhudilər və İslamın ilk illərinn münafqləri nəzərdə tutulmamışdır. Alim hesab edilməsini arzu edən nə çox cahil, insanların gözündə abid və zahid hesab edilməsini arzu edən nə çox günühkar, gördükləri işlərin təriflənməsini istəyən nə çox kələkbaz var. Şübhəsiz ki, bu ayə onların hamısına şamil olur[104]. 190-194. Dini bilgilərin yer aldığı münacat səbkili ayələr: Hədis və rəvayətlərdə bu ayələrə xüsusi əhəmiyyət verilmişdir. Əta ibn Əbu Riyahdan belə nəql edilmişdir: “Bir gün Aişənin yanına gedib ondan soruşdum: Ömrün boyu Peyğəmbərdə (s) gördüyün ən qəribə davranış hansı olub? Aişə  dedi: Peyğəbərin (s) bütün işləri heyrətamiz idi. Ancaq hamısından qəribəsi bu idi; bir gecə mənim evimdə istirahət edirdi. Hələ rahatlanmamışdı ki, yerindən qalxdı, dəstəmaz alıb namaz qılmağa başladı. Namaz əsnasında ilahi cazibənin təsiri ilə o qədər göz yaşı tökdü ki, paltarının ön tərəfi tamamilə islandı. Sonra səcdəyə getdi, o qədər ağladı ki, yer islandı. Sübhə qədər ağladı. Bilal onu sübh namazına səsləyəndə ağladığını görüb: “Allahın lütfü sizi əhatə etdiyi halda, nə üçün belə ağlayırsınız?” – deyə soruşduqda buyurdu: “Allahın şükür edən bəndəsi olmayımmı? Allah keçən gecə mənə çox mühüm ayələr göndərib”. Sonra “Ali-İmran” surəsinin 190-194-cü ayələrini oxudu və sonda buyurdu: “Vay olsun onları oxuyub düşünməyənlərin halına!”[105] Allah onların dualarını qəbul edərək (buyurdu): “İstər kişi olsun, istərsə də qadın, Mən heç birinizin əməlini puça çıxarmayacağam. Siz eynisiniz, bir-birinizdənsiniz. Allah yolunda hicrət edənlərin, evlərindən çıxarılanların, Mənim yolumda çətinliyə məruz qalanların, vuruşanların və öldürülənlərin günahlarını, əlbəttə, bağışlayacaq və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allahın mükafatıdır. Ən yaxşı mükafat Allah yanındadır!” Kafirlərin şəhərbəşəhər (məğrur-məğrur) gəzib-dolaşması səni aldatmasın! Bu, çox cüzi bir qazancdır. Sonra isə onların məskəni Cəhənnəmdir. Ora necə də pis yerdir! Lakin öz Rəbbindən qorxanları ağacları altından çaylar axan Cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. Kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha, həm sizə, həm də özlərinə nazil olana inanır, Allaha boyun əyərək Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların mükafatı Rəbləri yanındadır. Allah sürətli haqq-hesab çəkəndir. (Onların yaxşı əməllərinin mükafatını dərhal verir.) Ey iman gətirənlər! (Çətinliklərə və ehtiraslar qarşısında) səbirli olun, düşmənlər qarşısında dözümlü olun, sərhədlərinizin keşiyində durun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız! —————————————————————————————– Əsl mühacir və mücahid örnəklərindən nümunələr: Rəvayətlərin birində bu ayənin İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. İmam Əli (ə), anası Fatimə bint Əsədi, Peyğəmbərin (s) qızı və sonradan həyat yoldaşı olan Fatiməni və Zübeyrin qızı Fatiməni özü ilə birlikdə Mədinəyə apararkən Zəcnan adlı yerdə Ümmi-Əymən və bir neçə nəfər taqətdən düşmüş mömin onlara qoşulub birlikdə hərəkət edir. Onlar Allah rəsulunun (s) yanına gedənə qədər Allahı zikr etməyi bir an belə, unutmurlar[106]. Qurana görə kişi və qadının bərabərliyi: Bu ayədən bəzən “İslam qadınların deyil, kişilərin dinidir” kimi ittihamlar səsləndirən məlumatsız insanların həqiqətdən nə qədər uzaq olduqları məlum olur. Fiziki və emosional xüsusiyyətlərinə görə bəzən İslam qanunvericiliyində kişi ilə qadın arasında fərq qoyulması və ictimai məsələlərdə fərqliliyin olması qadının mənəvi dəyərinə əsla xələl gətirmir. Mənəvi cəhətdən qadın ilə kişinin arasında heç bir fərq yoxdur, xoşbəxtlik qapıları onların üzünə eyni şəkildə açıqdır. Nəzərə almalıyıq ki, bu və oxşar ayələr elə bir dövrdə nazil olmuşdur ki, həmin dövrdə dünyanın əksər xalqları qadınların insan olmasına şübhə edir, qadını lənətlənmiş varlıq, günah və azğınlıq mənbəyi hesab edirdilər. Yunanlar qadını alçaq və şeytan xislətli varlıq hesab edir, bizanslılar isə onların ruhsuz varlıqlar olduğunu düşünürdülər[107]. Kafirlərin aldadıcı sərvəti: Təfsirçilər bu və sonrakı iki ayənin nazilolma səbəbini belə izah edirlər: Məkkə müşriklərinin çoxu tacir idi, bu yolla külli miqdarda sərvət əldə edib naz-nemət içində yaşayırdılar. Mədinə yəhudiləri də ticarət işlərində səriştəli idilər, əksər hallarda ticarət səfərlərindən əlidolu qayıdırdılar. Amma həmin vaxt müsəlmanlar bir çox səbəblərdən, o cümlədən Məkkədən Mədinəyə hicrət etdikləri, iqtisadi blokadada olduqları üçün maddi cəhətdən çətinlik çəkir, ağır şəraitdə yaşayırdılar. Bu iki vəziyyətin müqayisəsi belə bir sual doğururdu ki, nə üçün imansız şəxslər naz-nemət içində yaşayır, imanlılar isə əziyyət, çətinlik, əzab və yoxsulluq içində yaşayırdılar? Bu ayələr qeyd olunan suala cavab verir[108]. Özünü və İslam cəmiyyətini müdafiə etmək üçün lazım olan hər növ hazırlığa malik olmanın zəruriliyi: “Rabitu” feli “ribat” sözündən düzəlmişdir. Bu feilin məsdəri “murabətə”dir, insanın özünü və İslam cəmiyyətini qorumaq üçün hərbi müdafiədən tutmuş mədəniyyət və etiqad müdafiəsinə qədər lazım olan bütün növ hazırlıqlara şamil olur. İmam Sadiq (ə) buyurmuşdur: “Bizim şiə alimləri İblis və onun üsyankar dostları qarşısında sıraya düzülmüş, onların özlərini qorumağa gücləri çatmayanlara qarşı təşkil etdikləri hücumların qarşısını alan sərhədçilərə bənzəyirlər.”[109] [1] Nümunə, c.2, səh.408 [2] Nümunədən iqtibas, c.2, səh.430; Ətyəbül-bəyan, c.3, səh.112 [3] Nümunə, c.2, səh.449 [4] Nümunə, c.2, səh.452 [5] Əl-Mizan, c.3, səh.137 [6] Nümunə, c.2, səh.471 [7] Nümunə, c.2, səh.113 [8] Nümunə, c.2, səh.495-496 [9] Əl-Mizan, c.3, səh.177-188 [10] Nümunə, s.2. səh.501 [11] Nümunə, c.2, səh.504 [12] Pəyame-Quran, c.6, səh.136 [13] Əl-Mizan, c.3, səh.191 və 194 [14] Əl-Mizan, c.3, səh.193 [15] Nümunə, c.2, səh.526 [16] Qamusi-Quran, c.2, səh.115 [17] Ətyəbül-bəyan, c.3, səh.187 [18] Nümunə, c.2, səh.542 [19] Nümunə, c.2, səh.548; Ətyəbül-bəyan, c.3, səh.199 [20] Nümunə, c.2, səh.549 [21] Ətyəbül-bəyan, c.3, səh.202; Nümunə, c.2, səh.552 [22] Nümunə, c.2, səh.557 [23] Əl-Mizan, c.3, səh.237 [24] Nümunə, c.2, səh.568; Əl-Mizan, c.3, səh.239 [25] Əl-Mizan, c.3, səh.264 [26] Nümunə, c.2, səh.579 [27] Təfsiri-mövzui, c.9, səh.178 [28] Mənşuri-cavid,c.7, səh.106 [29] Nümunə, c.2, səh.594 [30] Nümunə, c.2, səh.604 [31] Nümunə, c.2, səh.606 [32] Nümunə, c.2, səh.607 [33] Nümunə, c.2, səh.611 [34] Nəhcül-bəlağə, 50-ci xütbə [35] Əl-Mizan, c.3, səh.300 [36] Nümunə, c.2, səh.620 [37] Əl-Mizan, c.3, səh.314 [38] Nümunə, c.2, səh.630 [39] Nümunə, c.2, səh.631 [40] Ətyəbül-bəyan, c.3, səh.361 [41] Əl-Mizan, c.3, səh.381 [42] Mənşuri-cavid,c.6, səh.10 [43] Nümunə, c.6, səh.411 [44] Əl-Mizan, c.3, səh.386 [45] Nümunə, c.2, səh.645 [46] Nümunə, c.2, səh.649 [47] Ətyəbül-bəyan, c.2, səh.269 [48] Əl-Mizan, c.2, səh.394 [49] Əl-Mizan, c.3, səh.395-400 [50] Əl-Mizan, c.3, səh.401 [51] Əl-Mizan, c.3, səh.407 [52] Nəhcül-bəlağə, 234-cü xütbə [53] Əl-Mizan, c.3, səh.414 [54] Orijinal mətndə “təqvanın haqqı” ifadəsi işlənmişdir. Azərbaycan dilində bu ifadənin qarşılığı dilin normalarına cavab vermədiyi üçün tərcümədə sözügedən ifadənin ümumi mənası verilmişdir. [55] Əl-Mizan, c.3, səəh. 420 və 432 [56] Nümunə, c.3, səh.41 [57] Nəhcül-bəlağə, 26-cı xütbə [58] Ətyəbül-bəyan, c.3, səh.314 [59] Nümunə, c.3, səh.50 və 64 [60] Nümunə, c.3, səh.80 [61] Əl-Mizan, c.4, səh.11; Nümunə, c.3, səh.85 [62] Nümunə, c.3, səh.86 [63] Ətyəbül-bəyan, c.3, səh.335 [64] Nümunə, c.7, səh.105 [65] Nümunə, c.3, səh.106 [66] Səfinətül-bihar, c.3, səh.296 [67] Nümunə, c.3, səh.112 [68] Səfinətül-bihar, c.1, səh.669 [69] Təfsiri-mövzui, c.6, səh.33 və 34 [70] Nümunə, c.3, səh.121 [71] Ətyəbül-bəyan, c.4, səh.362 [72] Əl-Mizan, c.4, səh.26 [73] Əl-Mizan, c.4, səh.30 [74] Səfinətül-bihar, c.1, səh.394 [75] Ətyəbül-bəyan, c.3, səh.371 [76] Pəyame-Quran, c.4, səh.477 [77] Ətyəbül-bəyan, c.3, səh.371 [78] Nümunə, c.3, səh.137 [79] Əl-mizan, c.4, səh.44 [80] Ətyəbül-bəyan, c.3, səh.389 [81] Nümunə, c.3, səh.149 [82] Nümunə, c.3, səh.136 [83] Kafirlərin ürək yanğısı donuna bürüdükləri bu sözlər müsəlmanları ruhiyyədən salmaq üçün idi. Müsəlmanlar da bu cümlələrdən tez-tez istifadə edəcəkləri təqdirdə ruhiyyələri zəifləyəcək və döyüşlərdən yayınacaqdılar və beləcə onlar öz məqsədlərinə nail olacaqdılar. Allah müsəlmanlara göstəriş verir ki, bu sözləri deməsinlər və böyük ruh yüksəkliyi ilə müharibəyə getməklə münafiqlərin arzusu ürəklərində həsrətə çevrilsin və bu həsrət həmişəlik qalsın. (Tərc.) [84] Nümunə, c.3, səh.155 [85] Əl-Mizan, c.4, səh.49 [86] Ətyəbül-bəyan, c.3, səh.404 [87] Ətyəbül-bəyan, c.3, səh.406 [88] Nümunə, c.3, səh.166-169 [89] Nümunə, c.3, səh.175 [90] Nümunə, c.3, səh.194 [91] Nümunə, c.3, səh.301 [92] Nümunə, c.3, səh.212 [93] Nəhcül-bəlağə, 25-ci hikmət [94] Nümunə, c.3, səh.219 [95] Ətyəbül-bəyan, c.3, səh.441 [96] Əl-Mizan, c.4, səh.87 [97] Ətyəbül-bəyan, c.3, səh.447 [98] Nümunə, c.3, səh.230 [99] Nəhcül-bəlağə, 122-ci hikmət [100] Nümunə, c.3, səh.231 [101] Əl-Mizan, c.4, səh.87 [102] Nümunə, c.3, səh.233 [103] Nümunə, c.3, səh.237 [104] Nümunə, c.3, səh.239; Ətyəbül-bəyan, c.3, səh.455 [105] Nümunə, c.3, səh.249 [106] Əl-Mizan, c.4, səh.93 [107] Nümunə, c.3, səh.256 [108] Nümunə, c.3, səh.257 [109] Nümunə, c.3, səh.266

Müsəlmanın həyat tərzi 21.12.2024

Hər bir bədən üzvünün zəkatı var

İmam Sadiq (ə) buyurur: “Hər bir üzvün zəkatı vardır. Gözün zəkatı – ibrətlə baxmaq və günaha göz yummaqdır. Qulağın zəkatı – eşitmək, elmə, hikmətə, Qurana qulaq asmaqdır. Dilin zəkatı – müsəlmanlara nəsihət etmək və qafilləri ayıltmaq və Allahı təsbih etməkdir. Əlin zəkatı – elm yazmaq və mal bəxşiş etməkdir. Ayağın zəkatı – cihad yolunda səy etmək, təhsil, insanların arasını islah etmək, yaxşıları ziyarət etməkdir. Elmin zəkatı – onu nəşr etməkdir. Qüdrətin zəkatı – insafdır. Gözəlliyin zəkatı – iffətdir. Qələbənin zəkatı – ehsandır. Şücaətin zəkatı – cihaddır. Sağlamlığın zəkatı – Allahın əmr etdiklərinə və qadağan etdiklərinə itaət etməkdir. Hökumətin zəkatı – yoxsullara kömək çatdırmaqdır. Ağlın zəkatı – ağılsızlara dözmək və səbir etməkdir.”

Имам Али (а) 21.12.2024

ТАУХИД (единобожие)

Таухид (единобожие) является основной опорой исламских убеждений и означает единство Аллаха и признания что нет, никого подобного Ему и нет Ему равных. Первыми словами Посланника Аллаха (с) на пути призыва людей к исламу было свидетельство, что нет божества кроме Аллаха и отречения от ширка. Таухид имеет важное значение в аятах Корана, о чем свидетельствует сура Ат-Таухид, и хадисы от непорочных имамов (а). В исламской культуре таухид (монотеизм), – это полное противоречие ширку (политеизму). В аятах Священного Корана, хадисах непогрешимых, а также в трудах мусульманских философов и теологов приводятся разные аргументы в пользу таухида. Аргумент единодушия и консенсуса в признании посланников (а) Аллаха и их назначения со стороны Бога также являются доказательствами в пользу таухида. Таухид считается важнейшей исламской доктриной и отличительной чертой ислама от других религий. Согласно Корану все пророки исповедовали таухид. Хотя само слово не упоминается в Коране, много аятов подтверждают единство Аллаха и запрещают ширк – приобщение равных к Аллаху.В своем тафсире Мулла Садра считает, что основной целью Корана является доказать единство Аллаха. Свидетельство о единстве Аллаха и отказе от ширка – политеизма – это первые заявления, которые Посланник Аллаха (с) сделал мекканцам в начале своей пророческой миссии. Представители Пророка (с), в том числе Муаз ибн Джабаль, которые отправлялись в разные страны для распространения ислама, всегда призывали людей принять единство Аллаха в первую очередь. Некоторые мусульманские ученые называют мусульман «Ахлу-ль-таухид» – приверженцы единобожия, исходя из особого и важного места доктрины таухида в исламе. Также таухид считался признаком ислама. Имам Али (а) считал таухид главным критерием в познании Всевышнего. Аяты Корана о единобожии (таухиде): قُل هُوَ اللهُ أحَد: Скажи: «Он Аллах Един! لا إلٰه إلّا اللهُ: Нет божества, кроме Аллаха لا إلٰه إلّا هو: Нет божества, кроме Него. إلٰهُکُم إلٰهٌ واحِد:: Господь ваш, – Един. ما مِن إلٰهٍ إلّا الله: Нет никого божества, кроме Аллаха. Многие мусульманские богословы и философы, опираясь на Священный Коран и хадисы пророка и имамов, перечисляли уровни и степени таухида, первым из которых является «единобожие в отношении божественной сущности (таухиду-ль-зати) а затем – таухид в отношении божественных атрибутов и действий (таухиду-ль-сефатива-ль-фи’ли), и наивысший уровень таухида, – это «таухид в поклонении» (таухиду-ль-ибади). Степени таухида: – таухиду-ль-зати – таухиду-ль-сефати – таухиду-ль-аф’али – таухиду-ль-ибади Тахуиду-ль-зати Таухид в отношении сущности Аллаха является первой степенью монотеизма. Под этим подразумевается вера в то, что нет никого подобного и равному Аллаху по своей сущности. Об этом повествует четвертый аят суры Аль-Ихлас (وَلَمْ يَكُن لَّهُ كُفُوًا أَحَدٌ), нет никого подобного Ему!. Другое значение этой степени монотеизма состоит в том, что сущность Аллаха чиста от множественности или двойственности и не имеет аналогий, как об сказано в первом аяте суры Аль-Ихлас – Скажи:Он Аллах – Един. Таухиду-ль-сифати Монотеизм атрибутов означает, что божественная сущность едина с Его атрибутами. То есть “таухид сифати” означает понимание и признание единства сущности с атрибутами, а также единства атрибутов между собой. Например, Аллах является знающим, но не в том значении, что знание было добавлено к Его сущности то есть приобретено, а в том, значении, что Аллах является знающим, и это знание не отделимо от Его сущности. Не так как у человека, сущность которого отдельна от знания и силы, а знание и сила постепенно по мере развития приобретаются его сущностью. Кроме того, что атрибуты Аллаха неотделимы от Его сущности, они также являются не разделимыми между собой. То есть знание Аллаха – это и есть его сила. Другими словами атрибуты Аллаха составляют Его сущность. Священный Коран прославляет Аллаха по Его атрибутам. Имам Садык (а) в хадисе, цитируемым Абу Басиром, считал знание, слух, зрение и силу Аллаха неотъемлемой частью Его сущности и сказал, что Аллах слышал и видел до того, как появилось то, что можно увидеть и услышать. Таухиду-ль-аф’али Таухид в отношении действий Аллаха также как и таухид в отношении Его сущности означает единство Аллаха в действиях. То есть у Аллаха нет равных или помощников в сотворении, господстве, мудрости и т. д. Предпосылкой для веры в таухиду-ль-аф’али является то, что весь мир, – это творение Аллаха и основным источником всех дел рабов и творений является Аллах Единый. Существа вселенной, и природа, не обладают независимостью, и все зависят от Него. Согласно Корану, Он является «Хранителем» всей вселенной. В результате, у Аллаха нет содействующего, также как нет соучастника, в сущности. В Священном Коране Аллах называет Себя Творцом всего сущего и единственным, кто способен на это.Имам Садык (а) говорил что Аллах единственный, кто создает что-то из небытия, и Он единственный, кто переносит существ из существования в небытие. Таухиду-ль-ибади Таухид в поклонении означает веру в то, что никто не заслуживает поклонения, кроме Аллаха, и что поклонения достоин только Он. Призыв поклоняться единому Аллаху, согласно Священному Корану, является основой миссии всех божественных посланников. Таухиду-ль-ибади можно увидеть в некоторых аятах Священного Корана. Например, в суре Ан-Нахль, которая повествует, что к каждому народу были отправлены посланники, дабы призвать людей поклоняться единому Аллаху и избегать идолопоклонства. В других аятах Священного Корана запрещается взывать к кому-либо на ряду с Аллахом, так как поклонение должно быть обращено только к Создателю миров. В своих проповедях Посланник Аллаха (с) спрашивает у многобожников: “что же вы посвящаете Аллаху, когда все ваше внимание отдано кумирам, вы падаете ниц перед творениями Аллаха, из которых создаете идолов?”  По словам Пророка (с) правом того, кому поклоняются, является то, что его не ставят на ряду с рабами. Ученые-шииты написали множество работ, связанных с темой таухида. Вот некоторые из этих работ: – «Китабат-Таухид» Шейха ас-Садука – “Аль-Расаилат-таухидийа Аллама Табатабаи” – Таухид Мортеза Мутаххари

QURANI KƏRIM 21.12.2024

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu, heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə (hissə qapalı olana) inanır, namaz qılır və onlara ruzi olaraq verdiyimiz bütün nemətlərdən (Allah yolunda) sərf edirlər. O kəslər ki, sənə göndərilənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) göndərilənlərə iman gətirir və axirətə əminliklə inanırlar. Məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) hidayət yolundadırlar. Nicat tapanlar da onlardır. —————————————————————————————————————– “Bəqərə” surəsinin ümumi məzmunu: Bu surənin əsas hissəsi Allahın bəndələrinin bütün səmavi kitablara inanması, ilahi peyğəmbərlər arasında fərq qoymaması zərurətini bəyan edir. Buna görə də bu surədə kafirlər, münafiqlər və kitab əhli səmavi dinlər, ilahi peyğəmbərlər arasında fərq qoyduqları üçün məzəmmət olunur və qınanırlar. Bu surənin bəzi hissələrində qiblənin Beytül-müqəddəsdən Kəbəyə doğru dəyişdirilməsi, həcc, irs, oruc və s. kimi bəzi hökmlərə aydınlıq gətirilmişdir.[1] “Müqəttəə” hərflər: “Müqəttəə” hərflər və onların təfsiri ilə bağlı çox sözlər deyilmişdir. Bu nəzəriyyələr arasında iki nəzəriyyə daha çox diqqəti cəlb edir. Birincisi budur ki, “Müqəttəə” hərflər Allah və elçisi arasında sirlərdən ibarətdir. Bu sirləri yalnız onlar bilirlər.[2] İkinci nəzəriyyə budur ki, Allah-taala “Müqəttəə” hərflərlə göstərməyə çalışır ki, qarşınızdakı Quran sizin də ixtiyarınızda olan hərflərdən ibarətdir (misal üçün, Əlif, Lam, Mim və s.). Lakin siz Quran kimi bir kitab gətirməkdə acizsiniz və bu, Quranın vəhy olmasına sübutdur.[3] Quranın nazilolma məqsədi – hidayət: Hidayət, yolu göstərməkdir. Belə ki, insanı məqsədə çatdırsın. [4] “Hadi” bir qrupun önündə gedən və yolu onlara göstərən şəxsə deyilir.[5] Allah bir çox ayələrdə (bu ayə də o qəbildəndir) Quranı “hidayət kitabı” adlandırır. Bəli, Quran həqiqətən, sırf hidayət kitabıdır. Elə bir hidayət ki, ona azğınlıq və zülmət yol tapa bilmir.[6] Deməli, Allahın onu nazil etməkdə məqsədi insanların əbədi səadətinə gedən yolu göstərməkdir. Necə ki, Allah “Maidə” surəsinin 15 və 16-cı ayələrində buyurur: “Ey kitab əhli! Sizə səmavi kitabda gizlətdiyiniz şeylərin bir çoxunu ifşa edən və (hələ ifşası məsləhət olmayan) bir çoxunun da üstünü vurmayan peyğəmbərimiz gəldi. (Bəli!) Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir kitab (Quran) gəldi. Allah Öz rizasına tabe olanları onunla əmin-amanlıq yollarına yönəldər, onları Öz fərmanı ilə zülmətdən nura çıxarar və düz yola hidayət edər!” Buna nəzərən aydın olur ki, Quran tarixi, elmi və s. kitab deyil. Əksinə, Quranın peyğəmbərlərin, keçmiş xalqların tarixini, müxtəlif elmi məsələləri qeyd etməkdə məqsədi yalnız insanı hidayət etmək, ona səadət yolunu göstərməkdir. “Rizq” – çörək və sudan daha yüksək: “Rizq” sözü müəyyən vaxtlarda verilən davamlı bəxşiş mənasını ifadə edir. Bəzən pay və hissə mənasında da işlənir. Bəzilərinə görə isə “rizq” qarşı tərəfin ehtiyacına, istəyinə uyğun xüsusi bəxşişdir ki, onun həyatı, yaşamı davam etsin. “Rizq” sözünün dilimizdə qarşılığı “ruzi”dir. Qeyd etmək lazımdır ki, “rizq” və ruzi maddiyyatla, su və çörəklə bitmir. İnsanın təkamülü üçün ehtiyacı olan hər şey ruzidir. Buna görə də məsumlardan bizə gəlib çıxan dualarda mükəmməl zəka, faydalı bilik, çoxlu və halal sərvət, yüksək şəxsiyyət, əməlisaleh və ləyaqətli övlad, sabit iman, dünya və axirət xeyri, pak yaşam, şəfaət, Allahın evi Kəbəni ziyarət, məsumların (ə) türbələrini ziyarət etmək, onların məzarı yanında dəfn olunmaq və Qiyamətdə onlarla birgə olmaq ruzi olaraq Allahdan istənilmişdir. İmam Sadiq (ə) elmi ilahi ruzilərdən biri hesab edir və bu ayəni izah edərkən buyurur: “Yəni, onlara öyrətdiklərimizi insanlar arasında yayırlar”. Buna görə, təlim və öyrətmək də bir növ (Allah yolunda) sərf etməkdir.[7] Həqiqətən, küfr edənləri (ilahi əzabla) qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərinə isə pərdə salmışdır. Onları böyük bir əzab gözləyir. İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və Qiyamət gününə iman gətirdik“, – deyirlər. Allahı və möminləri aldatmağa çalışırlar. Halbuki yalnız özlərini aldadırlar, lakin (bunu) anlamırlar. Onların ürəyində bir növ xəstəlik var. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan dedikləri üçün onları şiddətli bir əzab gözləyir. Onlara: “Yer üzündə fəsad törətməyin!” – dedikdə: “Biz yalnız islah edənlərik”, – deyə cavab verirlər. Bilin ki, onlar həmin fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər. Onlara: “(Digər) insanlar kimi iman gətirin!” – deyildiyi zaman: “Biz də səfehlər kimi iman gətirək?” – deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər. Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz iman gətirmişik”, – deyirlər. (Amma) öz şeytanları ilə xəlvətə çəkildikləri zaman: “Biz sizinləyik, biz sadəcə (onları) ələ salırıq”, – deyirlər. Allah da onları ələ salar və onları tüğyanları içində saxlayar ki, sərgərdan olsunlar. Onlar “hidayət”i “azğınlığ”a satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar. —————————————————————————————————————– İnadkar kafirlər azğınlıq dolanbacında: Bu ayədə “kafirlər” deyəndə bütün kafirlər nəzərdə tutulmur. Küfründə sabit olan, haqqı danmaq, təkzib etmək qəlblərinə hakim kəsilmiş, Allahın dininə qarşı düşmənçilik və inad etmək yolunda heç bir səyini əsirgəməyən kafirlərdən bəhs edilir. Məqsəd Qüreyşin başçıları kimi son nəfəslərinə qədər Peyğəmbərlə (s) düşmənçilik etməkdən əl çəkməyən kafirlərdir.[8] “Şuəra” surəsinin 136-cı ayəsinə görə, belələrinin qəlbini günah büsbütün qaraltdığından, əlac üçün heç bir yol qalmayıb və onlar Peyğəmbərin (s) qarşısına keçib deyirlər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün fərqi yoxdur“. Allah da “Bəqərə” surəsinin 6-cı ayəsində buyurur: “Həqiqətən, küfr edənləri (ilahi əzabla) qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməyəcəklər“.[9] Qəlb (ürək) – insanın varlıq həqiqəti: Quranda “qəlb”deyildikdə insan vücudunun həqiqəti, yəni onun ruhu nəzərdə tutulur.[10] Quran ayələrindən aydın olur ki, insanın qəlbi və ruhu da onun bədəni kimi sağlamlıq, xəstəlik və ölüm olmaqla üç hala malidkir. Quran “Şuəra” surəsinin 88-ci və 89-cu ayələrində qəlbin sağlamlığı haqqında buyurur: “O gün (Qiyamət günü) mal-dövlət və övlad bir fayda verməz! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa!” Qəlbin xəstəliyi haqqında “Bəqərə” surəsinin 10-cu ayəsində oxuyuruq: “Onların ürəyində bir növ xəstəlik var“. Qəlbin ölməsi haqqında isə “Ənam” surəsinin 36-cı ayəsində deyilir: “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri (insan ruhunu əldən verənləri və iman gətirməyənləri) isə Allah (Qiyamətdə) dirildər“. Ürəyin xəstəliyi ona şəkk-şübhənin daxil olmasıdır. Belə ki, ürəkdə Allaha iman nurunu, onun nişanələrini aradan qaldırır və şəkk-şübhə artdıqca qəlbin xəstəliyi də ağırlaşır. “Bəqərə” surəsinin 10-cu ayəsinə görə, “Allah, onların xəstəliyini daha da artırır“. İş o yerə çatır ki, bu nur sönükür və insanın qəlbi ölür. Bu xəstəliyin əlacı Allaha iman və gerçək tövbədir.[11] Şeytan: “Şeytan” sözü xeyir və yaxşılıqdan uzaq düşmüş[12] və şər varlıq[13] mənasını ifadə edir. Bu ad İblisə məxsus deyil. Amma o, qəti olaraq Allahın rəhmətindən uzaqlaşdığı, qovulduğu və şər simvolu olduğu üçün haqlı olaraq ona “Şeytan” demək olar. Allah “Ənam” surəsinin 112-ci ayəsində buyurur: “Beləcə, Biz hər peyğəmbər qarşısında insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (xalqı) aldatmaq məqsədilə bir-birinə gizlicə (pıçıldaşaraq) aldadıcı və əsassız sözlər deyirdilər“.[14] Bu ayədə “Şeytan”da məqsəd küfr əqidələrində yekdil olan, öz aralarında həmfikir və sirdaş olan kafir və münafiqlərin başçılarıdır.[15] Kafirlərin cəzası ilahi istehza: Rəvayətə görə, bir nəfər İmam Rzadan (ə) “Allah da onları ələ salar (onlara istehza edir)” cümləsi haqqında soruşduqda, imam (ə) buyurub: “Allah ələ salmır. Amma onları ələ saldıqları üçün cəzalandırır”. Yəni, bu cəza onları ələ salmaqdır.[16] Quranda bu ibarənin digər forması da mövcuddur. Belə ki, “Bəqərə” surəsinin 194-cü ayəsində deyilir: “Kim sizə qarşı həddi aşarsa, siz də ona qarşı həmin ölçüdə həddi aşın“. Bu ayədə fərman verilir ki, sizə qarşı hədd neşə aşılıbsa, (qətl, qarət və s.) siz də həddi aşın.[17] Onlar (münafiqlər, qaranlıq çöldə yolu tapmaq üçün) od yandıran şəxsə bənzəyirlər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah (tufan qoparıb) onların işığını söndürər və göz işləməyən qorxunc zülmətlər içində qoyar. Onlar kar, lal və kordurlar. Buna görə də (yanlış yoldan) dönməzlər. Yaxud qaranlıq gecədə ildırımlı və şimşəkli səmadan (yolçuların başına) yağan yağış altında ildırımın səsini eşitməsinlər deyə ölüm qorxusundan barmaqlarını qulaqlarına tıxayanlara bənzəyirlər. Halbuki Allah kafirləri (qüdrəti ilə) əhatə etmişdir. İldırımın (gözqamaşdıran işığı) az qalır ki, onların gözünü çıxartsın. (Şimşək işıq saçıb çölü) onlar üçün aydınladanda (bir neçə addım) gedirlər, üzərlərinə qaranlıq çökdükdə isə dayanırlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlərini alardı. Çünki Allah hər şeyə qadirdir. Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, təqvalı olasınız. O Allah ki, sizin üçün yer üzünü döşəmə, göyü (atmosferi) isə başınız üzərində tavan kimi yaratdı, göydən su endirdi və onun vasitəsilə sizin üçün ruzi olsun deyə müxtəlif meyvələr yetişdirdi. Belə isə (bütlərin heç birinin sizi yaratmadığını və sizə ruzi vermədiyini) bildiyiniz halda Allaha şəriklər qoşmayın. Əgər bəndəmizə (Peyğəmbərə) nazil etdiyimizə şəkkiniz varsa, ona bənzər (ən azı) bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bu işdə köməyə) çağırın. Əgər bunu bacarmırsınızsa, – heç bacara da bilməyəcəksiniz, – o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və daşlardan (bütlərdən) olan oddan qorxun. —————————————————————————————————————- Hamı üçün göndərilmiş kitab: “Ey insanlar!” müraciəti Quranda iyirmi dəfə təkrarlanmış ümumi və əhatəli bir müraciətdir və göstərir ki, Quran müəyyən bir irqə, qəbiləyə, tayfaya və kəsimə məxsus deyil. Əksinə, hamıya öz ümumi dəvətində yer vermiş, vahid Allaha ibadətə, hər növ şirk və tövhid xəttindən yayınmaqla mübarizəyə səsləmişdir.[18] Bütün insanların Quran kimisini gətirməkdə acizliyi: Allah-taala bu və eləcə də digər Quran ayələrində (“Yunus”, 38; “Hud”, 13-14; “İsra”, 88; “Tur”, 33-34) bütün şüurlu varlıqların – istər insanları, istərsə də cinləri – Quran kimi bir kitab, ondan on surə, hətta bir surə kimisini gətirməkdə aciz olduqlarını və bunu bacarmayacaqlarını bildirir. Buna görə də tam qətiyyətlə hamını Quran kimi bir kəlam gətirməyə dəvət edir. Şübhəsiz, İslama və Qurana aşkar düşmənçilik edənlər, münafiqcəsinə zərbə vuranlar, hətta İslama qarşı mübarizə yolunda canlarından keçən qəddar və qatı düşmənlər Qurana bənzər bir kitab gətirə bilsəydilər, gətirər və Quranın bu qəbildən olan ayələrini batil edərdilər. Peyğəmbər (s) dönəmindən və Quranın nazil olmasından on dörd əsrdən çox bir zaman keçməsinə baxmayaraq, heç bir sözün insanlar arasında Quran qədər özünə yer aça bilməməsi, hər keçən gün bunun daha da vüsət alması, insan ruhunu heyrətləndirməsi, ona məmnunluq hissi aşılaması, zəkaları öz qarşısında baş əyməyə vadar etməsi gerçəyi Quranın vəhy, Peyğəmbərin (s) missiyasının isə haqq olmasının ən böyük sübutudur.[19] Daxildən alovlanan od: Bu ayəyə görə, Cəhənnəm odunu iki şey alovlandırır, insanlar və daşlar. Bu ayədə “daşlar” kəlməsi Allah yerinə pərəstiş olunan bütləri ifadə edir. Necə ki, Quran “Ənbiya” surəsinin 98-ci ayəsində müşriklərə müraciətlə buyurur: “Siz və Allahdan qeyri ibadət etdiyiniz bütlər isə Cəhənnəm yanacağı (odunu) olacaqsınız“. Ayədə çox önəmli bir məqam budur ki, bəzi insanların Cəhənnəm yanacağı olduğu bildirilir. Bu göstərir ki, insanın bulaşdığı, özünü və başqalarını da aludə edən xoşagəlməz əməllər və fikirlər Qiyamətdə bir od olaraq onun öz vücudundan alovlanacaq, özünü və yoldan çıxardıqlarını yandıracaq. Necə ki, “Huməzə” surəsinin 6 və 7-ci ayələrində Cəhənnəm haqqında oxuyuruq: “O, Allahın yanar odudur. Elə bir od ki, ürəklərdən alovlanır“.[20] “Vəqud” böyük yanmaq qabiliyyətinə malik şeylərə deyilir. Qiyamət günü bu qabiliyyəti dünyada qazanan insanlar olacaq. Onlar kibrit daşı və kükürd kimi içlərində od gizlətmiş, yanmağa hazırdırlar. Daxillərində başqaları üçün də yanacaq vasitə daşıyırlar. Bu dünyada özləri üçün yandırdıqları Cəhənnəmdir. Buna görə də ayənin sonunda buyurur: “Kafirlər üçün hazırlanmışdır“. Yəni, Cəhənnəm qabaqcadan hazırlanmışdır və onlar özlərini kibrit daşı və kükürd kimi yanmağa hazırlamışlar.[21] Ayənin izahı ilə bağlı həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Ey bizim şiələrimiz! Təqvalı olun, o odun yanacağı – odunu olmaqdan çəkinin. Hərçənd ki, siz Allaha küfr etmirsiniz. Mömin qardaşlarınıza zülm etməkdən çəkinməklə özünüzü o odun şərindən amanda saxlayın”.[22] İman gətirən və yaxşı işlər görənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır. (Onun) meyvəsindən onlara verildiyi zaman: “Bu ki bizə əvvəlcə verilən ruzidir”, – deyəcəklər (Amma bunlar onlardan daha yaxşı və daha dadlıdır). Onlar üçün gətirilən meyvələrin hamısı (gözəllik və təravət baxımından) bənzərdir. Onlar üçün orada pak zövcələr də var və onlar orada əbədi qalacaqlar. Allah (zahirən kiçik olan) ağcaqanadı və ya ondan daha kiçiyini misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Küfr yolunu tutanlar isə (bəhanə olaraq): “Allah bu məsəllə nə demək istəyir?” – deyirlər. (Bəli!) Allah bununla bir çoxlarını azdırır, bir çoxlarını isə doğru yola yönəldir. Amma onunla fasiqlərdən başqasını azdırmaz. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır. Allahı necə inkar edirsiniz ki, siz ölü (ruhsuz bədən) idiniz, O, sizi diriltdi. Sonra sizi yenə öldürəcək, yenə də dirildəcək və daha sonra siz Ona tərəf qaytarılacaqsınız. (Deməli, nə həyatınız, nə də ölümünüz özünüzdəndir. Hər şeyiniz Allahdandır.) Yer üzündə nə (nemət) varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi göy şəklində düzəldib nizama salan Odur. O, hər şeyi biləndir. —————————————————————————————————————– Quranda misal gətirməkdə məqsəd: Bu ayənin nazilolma səbəbi haqqında nəql olunmuşdur ki, Allah bəzi ayələri nazil edib, onlarda milçəyi (“Həcc”, 73), hörümçəyi (“Ənkəbut”, 41) misal çəkdikdə, bir qrup müşrik bunu bəhanə edərək tənqid atəşinə tutdular və: “Bu necə səmavi vəhydir ki, milçək və hörümçəkdən danışır?” – deyə istehza etdilər. Allah bu ayəni onlara cavab olaraq nazil etdi.[23] Müxtəlif şeyləri misal gətirməkdə məqsəd həqiqətləri anlatmaq, ağır məfhumları insanların zehninə, düşüncəsinə yaxınlaşdırmaqdır. Bu mətləbə alimlərin kitablarında çox rast gəlmək olar.[24] İnsan nə qədər çox sadə düşünərsə, misala da bir o qədər çox ehtiyacı olur. Bu səbəbdən misal üçün, riyaziyyat müəllimi bu və ya digər həndəsi məsələni təzə şagirdə başa salmaq üçün mütləq misaldan istifadə etməlidir. Qurani-kərim də müxtəlif təlimlərini təqdim etmək üçün çoxsaylı misallardan istifadə etmişdir.[25] İmam Sadiq (ə) bu ayə haqqında buyurur: “Allah ağcaqanadı misal çəkdi. Çünki həmin ağcaqanadda kiçik olmasına rəğmən o böyüklükdə fildə olan hər şey yaratmışdır. Bundan əlavə (fildə olmayan), digər iki üzv də yaratmışdır (buynuzcuqlar və qanadlar)”. Allah bu misalla möminlərə yaradılışın zərifliyini bəyan etmək istəyir. Filə bənzər yaradılan və zahirən zəif olan bu varlıq haqqında düşünmək insanın diqqətini Yaradanın əzəmətinə yönəldir.[26] Allah yanında ən nifrətəlayiq əməllər: “Allahın birləşdirilməsini əmr etdikləri” dedikdə, Onun birləşdirilməsini əmr etdiyi hər şey nəzərdə tutulur. Misal üçün, Peyğəmbərlə (s) əlaqə yaratmaq, imamlarla (ə) ünsiyyət qurmaq, qohumlarla münasibət saxlamaq, iman qardaşları ilə birgə olmaq və s.[27] Hərçənd, bu ayə bütün ilahi münasibətlərə hörmətlə yanaşmaqdan söhbət açır, amma şübhəsiz, qohumluq əlaqəsi onun ən bariz nümunəsidir. Quran qohumluq əlaqələrini pozanlar haqqında ağır ifadələr işlədir. İslam hədislərində isə belələri qınanırlar ve pislənirlər. “Məhəmməd” surəsinin 22-ci ayəsində oxuyuruq: “Əgər (bu göstərişlərdən) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və qohumluq əlaqələrini kəsmək gözlənilməzmi?!” İslam peyğəmbərindən (s): “Allah dərgahında ən nifrətəlayiq əməllər hansılardır? – soruşduqda, həzrət (s) buyurdu: “Allaha şərik qoşmaq”. “Ondan sonra hansı əməl?” – soruşduqda isə “Qohumlarla əlaqəni kəsmək”, – deyə bildirdi.[28] Yeddi göy: Quran ayələrindən aydın olur ki, bizim gördüyümüz bütün ulduzların, səma cisimlərinin hamısı birinci göyə aiddir. Bunun arxasında digər altı göy mövcuddur ki, bizim görmə qabiliyyətimizin və elmi vasitələrimizin gücü xaricindədir. Ümumilikdə yeddi göy var. Bunun dəlili isə Quranda yer alan digər ayələrdir. Misal üçün, “Fussilət” surəsinin 12-ci ayəsində deyilir: “Biz aşağı göyü (dünya səmasını) ulduz qəndillərilə bəzədik“. “Saffat” surəsinin 6-cı ayəsində isə oxuyuruq: “Biz aşağı göyü (dünya səmasını) ulduzlarla bəzədik“. (Xatırla ki,) Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, – dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi yaradırsan?”- söylədilər (Çünki bu Adəmdən qabaq da yerdə varlıqlar yaşayır, fəsad törədir, qan tökürdülər). Əgər insanı yaratmaqda məqsəd ibadətdirsə, biz Sənə layiqincə ibadət edirik). (Allah onlara:) “Mən sizin bilmədiyiniz həqiqətləri bilirəm!” – buyurdu. Sonra Adəmə “adlar” elmini (yaradılışın sirlərini və varlıqlara ad qoymaq elmini) tam şəkildə öyrətdi. Sonra onları mələklərə göstərərək: “Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” – dedi. (Onlar): “Sən paksan! Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Doğrudan da, Sən bilən və hikmət sahibisən”, – dedilər. (Sonra) “Ey Adəm, bunların adlarını (sirlərini) onlara bildir!”- dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini, sizin gizlində və aşkarda etdiklərinizi bilirəm, söyləmədimmi?” – buyurdu. (Xatırla ki,) mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, qürrələnərək imtina etdi və (əmrə tabe olmadığı, təkəbbür etdiyi üçün) kafirlərdən oldu. Və (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə Cənnətdə məskunlaş və hər ikiniz oradakı (nemətlərdən) istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın düşməyin! Yoxsa zülm edənlərdən olarsınız”. (Lakin) Şeytan onların Cənnətdən yayınmasına səbəb oldu və olduqları yerdən çıxartdı. (Bu zaman onlara): “Bir-birinizə düşmən kəsilərək (yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və dolanacaq vasitələri var”, – dedik. Sonra Adəm Rəbbindən bəzi sözlər öyrənərək (onlarla) tövbə etdi və Allah da onun tövbəsini qəbul etdi. Çünki O (Allah), tövbələri qəbul edən və mərhəmətlidir. —————————————————————————————————————– Adlar elmi: İnsana ən böyük ilahi bəxşiş olaraq verilən, onun ilahi canişinlik məqamına layiq olmasının, fəzilət və iftixarının mənşəyi olan “adlar” elminin nə olması mövzusunda təfsirçilər arasında çox ehtimallar var. Bəzilərinə görə, məqsəd sözlərlə bağlı bilikdir. Halbuki bir neçə sözü bilmək heç zaman belə bir fəzilətə səbəb ola bilməz. Əlbəttə, bu, ayədə yer alan ifadələrlə də uyğun gəlmir. Çünki “göylərin və yerin gözə görünməyən sirləri” ibarəsi göstərir ki, bu elm göyün və yerin mələklərdən gizli olan sirləri ilə əlaqəli olmuşdur. Bəzilərinə görə, məqsəd ruhları öncədən yaradılan ilahi höccətlərin, xüsusilə məsum imamların (ə) adlarıdır. Bəzi rəvayətlərdə də belə bir izah yer almışdır. Heç şübhəsiz, bu qəbildən olan rəvayətlər bu ümumi məfhumun önəmli nümunələrinə işarədir. Necə ki, təfsirlə bağlı rəvayətlərin metodu da belədir. “Adlar” elmi bununla bitmir. Əksər təfsirçilərə görə, məqsəd budur ki, Allah yerə, göyə, mədənlərin çıxarılmasına, əkinçiliyə aid bütün bilikləri Adəmə öyrətdi, yaxud da onun təbiətində, istedadında bunlara yığcam şəkildə yer verdi. Beləcə Adəm dünyanın bütün sirləri ilə tanış oldu. Bu sirlərin hamısını anlamaq bacarığını, ləyaqətini övladlarına da ötürdü. Onun belə bir elmə yiyələnməsindən, bu bacarığı övladlarına da ötürməsindən daha üstün, daha yüksək fəzilət ola bilərmi? İmam Sadiq (ə) bir hədisdə sözügedən ayənin izahı ilə bağlı buyurur: “Məqsəd bütün yerlər, dağlar, dərələr, çay yataqlarıdır”. Sonra həzrət (ə) ayağının altına sərilmiş bir xalçaya baxıb buyurdu: “Bu xalça da Allahın Adəmə öyrətdiyi məsələlərdən idi”. Bu şərh göstərir ki, Adəm bütün biliklərə yiyələnmişdi. Əllamə Təbatəbai “əl-Mizan” əsərində bu məsələni tədqiq edərək belə qənaətə gəlir: “Allahın Adəmə öyrətdiyi adlar qeyb pərdəsi ilə örtülmüş yüsək varlıqlar idi ki, bu dünyada hər bir ad onların xeyir və bərəkəti ilə nazil olmuş, onların nurundan faydalanmışdır”. Hər halda “adlar” elmi bu dünyanın önəmli həqiqətlərini ehtiva edən çox geniş bilik sahəsi olmuşdur.[29] Adəmin Cənnəti: Bəziləri Adəmin Cənnətinin pak və yaxşı insanlara vəd edilmiş Cənnət olduğunu hesab etmişlər. Lakin doğrusu budur ki, Adəmin Cənnəti yerin yaşıllıqla əhatə olunmuş bölgələrindən birində yerləşən naz-nemət dolu, ruh oxşayan bağlardan biri olmuşdur. Çünki birincisi, Qiyamətdə vəd edilən Cənnət əbədi bir nemətdir. Bir çox Quran ayələrində onun əbədi olmasına işarə edilmişdir və ondan çıxmaq mümkün deyil. İkincisi, nə günaha aludə olan İblis oraya yol tapa bilər, nə onun vəsvəsələri, nə də Allaha itaətsizlik. Üçüncüsü, Əhli-beytdən (ə) bizə gəlib çatan rəvayətlərdə bu mövzuya tam aydınlıq gətirilmişdir. Rəvayətçilərdən biri nəql edir ki, İmam Sadiqdən (ə) Adəmin Cənnəti haqqında soruşdum. İmam (ə) buyurdu: “Ora dünya bağlarından biri idi. Günəş və ay oraya saçırdı. Əgər əbədi Cənnət olsaydı, Adəm oradan çıxarılmazdı”. Buradan aydın olur ki, Adəmin yer üzünə enməsində məqsəd – məqamından enməsidir, məkanından yox. Yəni öz dəyərli məqamından endirildi və yamyaşıl bağdan çıxarıldı. İrəli sürülən digər bir ehtimala görə isə bu Cənnət digər planetlərdən birində olmuşdur. Buna İslam rəvayətlərində də işarə vurulmuşdur. Bu qəbildən olan rəvayətlərdə sözükeçən “səma” (göy) sözündə məqsəd də yüksək məkana yox, yüksək məqama vurğu ola bilər. Hər halda, çoxsaylı dəlillər göstərir ki, bu Cənnət axirət Cənnəti deyil. Çünki Qiyamət Cənnəti insanın əməllərinin nəticəsi və insanın son mənzilidir. Bu Cənnət isə Adəmin əməllərinin, həyat proqramının başlanğıcı və ilk mənzili olmuşdur.[30] Dedik: “Hamınız oradan enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanların nə bir qorxusu var, nə də onlar qəmgin olarlar”. Kafir olanlar və ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər, onlar orada əbədi qalacaqlar. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, əhdimə vəfa edin ki, Mən də sizin əhdinizə vəfa edim. (Vəzifənizə, öhdəliklərinizə əməl etməkdə) yalnız Məndən qorxun! Göndərdiyimə (Qurana) iman gətirin ki, onun nişanələri sizin kitablarınızda olanlara uyğundur. Onu ilk inkar edən siz olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın (dəyərsiz dünya malına görə kitablarınızda mövcud olan Quranın və İslam peyğəmbərinin nişanələrini gizlətməyin) və ancaq Məndən (və əmrlərimə qarşı çıxmaqdan) qorxun (insanlardan yox)! Haqqı batillə qarışdırmayın, haqqı bilə-bilə gizlətməyin! Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Namazı camaatla birgə qılın!) İnsanları yaxşı işlərə (nişanələri Tövratda aydın şəkildə verilən peyğəmbərə iman gətirməyə) dəvət etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki (səmavi) kitabı oxuyursunuz. Məgər düşünmürsünüz? Səbir və namazdan kömək alın! (Mətinliklə, daxili həvəsləri cilovlamaqla və Allaha diqqətlə güc yığın!) Bu iş itaətkarlardan başqası üçün ağırdır. (İtaətkarlar) o kəslərdir ki, Rəbbinə qovuşacaqlarına və Ona doğru qayıdacaqlarına əmindirlər. Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və (bir zaman) sizi bütün insanlardan üstün tutduğumu yadınıza salın! Qorxun o gündən ki, heç kəs digərinin cəzasını üzərinə almır, heç kəsdən şəfaət qəbul olunmur, heç kəsdən əvəz alınmır və onlara heç bir kömək göstərilmir. —————————————————————————————————————– İsrail: “İsrail” sözü (həzrət Yusifin (ə) atası) həzrət Yaqubun (ə) ləqəbidir. İbri dilində iki sözdən, qul mənasını ifadə edən “isra” və Allah mənasında işlənən “İl” sözündən ibarətdir. Həzrət Yaqubun (ə) on iki oğlu var idi və Bəni-İsrailin soyu bu on iki oğul uşağına çatır. Həzrət Musanın (ə) soyu da dörd vasitə ilə həzrət Yaquba (ə) çatır.[31] İsrail övladlarının Allahla bağladığı əhd-peymanda məqsəd “Bəqərə” surəsinin 83 və 84-cü ayələrində sözü keçən məsələlərdir.[32] Allahın İsrail oğullarına bəxş etdiyi nemətdə məqsəd isə 49-cu ayədən sonra deyilənlərdir.[33] Namazdan yardım istəmək: Allah-taala bu ayədə çətinliklərdə səbr və namazdan kömək almağı əmr edir. Namaz – aləmlərin Rəbbinə qəlbən diqqət etməkdir. Ruhun öz maliki və ixtiyar sahibi ilə əlaqəsidir.[34] Təfsirçilər bu ayəni izah edərkən bildirmişlər ki, Peyğəmbər (s) onu narahat edən bir problemlə qarşılaşdıqda namaz və orucdan kömək alardı. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Həzrət Əli (ə) böyük bir problemlə qarşılaşdıqda namaza sığınırdı”. Sonra imam (ə) bu ayəni oxudu.[35] 47: Bəni-İsrailin bütün insanlardan üstün olması: İsrail övladlarının bütün insanlardan üstün olmasında məqsəd onların öz müasirlərindən, yaşadıqları mühitin insanlarından üstün olmasıdır. Belə ki, “Əraf” surəsinin 137-ci ayəsində Bəni-İsrail haqqında oxuyuruq: “Yer üzünün daim xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərini zəifliyə sürüklənən (zülm zənciri altında əzilən) o tayfanın öhdəsinə qoyduq“. Məlumdur ki, o zaman Bəni-İsrail bütün yer üzünə sahib olmadı. Deməli, yaşadıqları yerin şərq və qərbinə malik olmaları nəzərdə tutulur. Buna görə də onların bütün insanlardan üstün olması da həmin bölgənin insanlarından üstün olması deməkdir.[36] 48: Şəfaətin gerçəkləşməsi şərti: Təfsirçilərə görə, ayənin “heç kəsdən şəfaət qəbul olunmur” hissəsi göstərir ki, Qiyamətdə heç kəsin şəfaəti Allahın izni olmadan qəbul olunmayacaq. Necə ki, Allah “Taha” surəsinin 109-cu ayəsində buyurmuşdur: “O gün Rəhman Allahın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz!“[37] Bu – və bu qəbildən olan – ayələr kafirlərə və ağır günahlar səbəbilə şəfaətdən məhrum olan fərdlərə aiddir. Buna görə də bu ayənin digər şəfaət ayələri və Peyğəmbərin (s), məsum imamların (ə) günahkarlara vasitəçilik etməsi haqqında nəql olunan çoxsaylı rəvayətlərlə ziddiyyət təşkil etmir. Əlbəttə, bir məsələni xatırlatmaq zəruridir ki, şəfaət nə günaha həvəsləndirməkdir, nə geridə qalma əlamətidir, nə də bugünkü dünya cəmiyyətlərindəki tərəfgirlik və dostbazlığa bənzərdir. Əksinə, çox önəmli tərbiyə üsuludur və müxtəlif baxımlardan müsbət və qurucu təsirlərə malikdir. Misal üçün, günahkarda ümid yaradır, onu məyusluq ruhu ilə mübarizə haqqında düşündürür. Onların günahların bağışlanmayacağı ilə bağlı ümidsizliyə qapılıb aludəlik girdabında batmasına mane olur. Həmçinin, şəfaətə ümid edən kəs şəfaət edənlə hər hansı bir şəkildə ünsiyyət qurmağa çalışır. Onun razılığını cəlb etmək yönündə işlər görür. Məhz bu mənəvi əlaqə şəfaət edənin gözəl xüsusiyyətlərinin şəfaət olunana keçməsinə gətirib çıxarır. Öncə də qeyd etdiyimiz kimi, şəfaətin başlıca şərti Allahın iznidir. Şübhəsiz, şəfaətə ümid edən kimsə bu iznin müqəddimələrini bu və ya digər şəkildə hazırlamalıdır. Yəni, elə bir iş görməlidir ki, Allahın xoşuna gəlsin. Bundan başqa, bəzi ayələrdə deyilir ki, şəfaət zalımlara aid deyil. Beləcə, şəfaətə ümid bağlayanlar zülmkarların cərgəsindən (burada “zülm” geniş mənadadır) çıxmalıdırlar. Bu cəhətlərin məcmusu səbəb olur ki, şəfaətə ümid bağlayanlar keçmiş əməllərini bir daha nəzərdən keçirsinlər. Gələcək üçün daha yaxşı qərarlar versinlər. Bunun özü də şəfaətin müsbət tərəfi və tərbiyədə təsirli amildir.[38] (Yadınıza salın ki,) fironçular sizə ən ağır işgəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı (kəniz etmək məqsədilə) sağ buraxdıqları zaman sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən (sizin üçün) böyük bir sınaq var idi. (Yadınıza salın ki,) o zaman sizin üçün dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa (suda) qərq etdik. (Yadınıza salın ki,) o zaman Musaya qırx gecəlik vədə verdik (və o, ilahi fərmanları almaq üçün qərarlaşdırdığımız yerə gəldi). Siz ondan sonra buzovu (özünüzə tanrı) seçdiniz və (bununla da) zalım oldunuz. Sonra da bunun ardınca sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz. (Yadınıza salın ki,) o zaman Musaya kitab və (haqqı batildən) ayıran vasitə verdik ki, bəlkə, doğru yola yönələsiniz. (Yadınıza salın ki,) o zaman Musa öz qövmünə dedi: “Ey qövmüm, siz buzovu (pərəstiş üçün) seçməklə, həqiqətən, özünüzə zülm etdiniz. Odur ki, yaradanınıza tərəf qayıdaraq tövbə edin, özünüzü (bir-birinizi) öldürün. Bu, Rəbbinizin yanında sizin üçün daha yaxşıdır”. Sonra Allah tövbənizi qəbul etdi. Çünki O, tövbələri qəbul edən və bağışlayandır. (Yadınıza salın ki,) “ya Musa, Allahı açıq-aşkar görməyincə, sənə əsla iman gətirməyəcəyik”, – dediyiniz zaman gözünüz görə-görə sizi ildırım vurdu. Sizi ölümünüzdən sonra yenidən diriltdik ki, bəlkə (Onun nemətlərinə) şükür edəsiniz. Üstünüzə buludla kölgə saldıq. Sizə “mənn” (təbii bal və ya ağac şirəsi) və “səlva” (göyərçinə bənzər quş) göndərdik. (Və dedik:) “Ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” (Amma siz naşükürlük etdiniz). Onlar bizə yox, özlərinə zülm edirdilər. —————————————————————————————————————– İsrail oğullarının başının kəsilmə səbəbi: Fironun İsrail övladlarının başını nədən kəsməsi haqqında müxtəlif versiyalar mövcuddur. Bəzilərinə görə, o, yuxuda “Beytül-müqəddəs tərəfindən alovlaıb bütün Misir evlərini bürüyən və qibtilərin (Firon tərəfdarlarının) evini yandıran, İsrail oğullarının evinə isə yaxın düşməyən od gördü. O, yuxuyozanlardan izahat tələb etdi. Onlar dedilər: “Beytül-müqəddəsdən bir kişi çıxacaq və fironçuların hakimiyyətini, gücünü məhv edəcək”. Bəzilərinə görə, bu məsələni Firona kahinlər (cinlərlə əlaqədə olub, gələcək və qeyblə bağlı məlumatı olanlar) xəbər verdilər. Bəzilərinin fikrincə isə bu xəbəri keçmiş peyğəmbərlər vermişdilər və Fironun da qulağına çatmışdı. Hər halda o, Bəni-İsraildən olan oğlan uşaqlarını öldürməklə belə bir şəxsin qiyamını önləmək istəyirdi. Bəzi təfsirçilərə görə, fironçular bu planı Bəni-İsraili zəiflətmək üçün qurmuşdular ki, onların üsyan və savaş gücü olan oğul övladlarını aradan götürsünlər, təkbaşına üsyan edəcək, mübarizə aparacaq gücü olmayan qadınlarını isə xidmətçi olaraq istifadə etmək üçün diri saxlasınlar. Bundan başqa, “Ğafir” surəsinin 25-ci ayəsindən aydın olur ki, Bəni-İsrail qadınlarının oğul uşaqlarını öldürmək, qız uşaqlarını isə sağ saxlamaq prosesi hətta həzrət Musanın (ə) qiyamından sonra da davam edirdi: “(Musa) onlar üçün dərgahımızdan haqq gətirdikdə onlar: “Ona iman gətirənlərin oğlanlarını öldürün, qadınlarını (qızlarını) isə diri saxlayın!” – dedilər“.[39] Nil çayı böyük bir dəniz kimi: Ayədə “bəhr” sözündə məqsəd böyük Nil çayıdır ki, böyüklüyünə görə ona dəniz deyilmişdir.[40] Buzova sitayişin ağır cəzası: Bəzi rəvayətlərə görə, həzrət Musanın (ə) fərmanı ilə buzova sitayiş edənlərdən yetmiş min nəfəri səhər vaxtı qılınc çəkib bir-birlərini öldürməyə başladı. Onların on min nəfəri öldürüldü. Bu zaman həzrət Cəbrayıl (ə) nazil oldu və Musaya (ə) dedi: “Onlara söylə, bir-birlərini öldürməyi saxlasınlar. Allah tövbələrini qəbul etdi”.[41] Buzova sitayiş edənlərə belə ağır və qəribə cəza verilməsinin səbəbinə gəlincə, bəziləri bildirmişlər ki, buzova sitayiş etməyin özünün çox böyük günah olmasına baxmayaraq, onun bu qədər böyük və aydın möcüzələr, nişanələr görən qövm tərəfindən edilməsi daha çirkin idi. Allah onlara belə ağır bir cəza kəsdi ki, buzova sitayiş etmək bir dah onların ağlından keçməsin.[42] Allahın İsrail övladlarına lütfləri: Bəzi təfsirçilərə görə, Musa (ə) Bəni-İsraili böyük Nil çayından keçirdikdən sonra onlar səhrada mənzil saldılar. Musaya dedilər: “Ey Musa! Bizi həlak etdin. Abad şəhərimizdən, yurd-yuvamızdan kölgəsi, ağacı, suyu olmayan çöllü-biyabana gətirdin”. Allah bir bulud göndərdi ki, gündüzlər onların üzərinə kölgə salsın. Gecələr onlar üçün ləziz şirə göndərirdi. Onu bitkilərin, ağacların, daşların üzərinə qoyurdu. Günorta vaxtı isə süfrələrində qızarmış quş olurdu. Musanın (ə) yanında bir daş da var idi ki, əsa ilə ona vururdu və ondan on iki bulaq (Bəni-İsrail qəbilələrinin sayı qədər) qaynayırdı. Belə ki, hər qəbilə özünə məxsus olan çeşmədən istifadə edirdi. “Bəqərə” surəsinin 60-cı ayəsində də buna işarə edilmişdir.[43] (Yadınıza salın ki,) o zaman dedik: “Bu şəhərə (Beytül-müqəddəsə) girin, onun firavan nemətlərindən istədiyiniz yerdə yeyin, (Beytül-müqəddəs məbədinin) qapısından (Allaha) səcdə edərək daxil olun və (Ya Rəbb!) “günahlarımızı tök!” – deyin ki, xətalarınızı bağışlayaq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq. Amma zülm edənlər onlara deyilən bu sözü başqası ilə dəyişdirdilər. (Onun yerinə kinayəli söz işlətdilər.) Buna görə də zülm edənlərə bu itaətsizliyə görə göydən əzab göndərdik. (Yadınıza salın ki,) Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı həmin daşa vur!” – deyə əmr etdik. Qəfildən ondan on iki çeşmə fışqırdı. Belə ki, (İsrail övladlarının on iki tayfasıdan) hər biri öz çeşməsini tanıdı. (Və dedik: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə fəsad törətməyin!” Onda siz dediniz: “Ya Musa! Biz bir növ təama heç vaxt dözməyəcəyik! Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən – göyərtisindən, xiyarından, sarımsağından, mərcisindən və soğanından yetirsin! (Musa da cavabında) dedi: “Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (İndi ki belədir, çalışın bu səhradan) şəhərlərdən birinə enin, çünki orada sizin üçün istədiyiniz hər şey var”. Onlara zəlillik, miskinlik (damğası) vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki onlar Allahın ayələrini inkar edir və peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu, (həm də) onların (Allaha) asi olduqlarına və həddi aşdıqlarına görə idi. —————————————————————————————————————– Əhli-beyt (ə) vilayəti – ilahi əfv qapısı: İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Biz sizin bağışlanma qapınızıq”. Yəni, biz sizin üçün Bəni-İsrailin keçməli və günahları bağışlansın deyə, “hittə!” (günahlarımızı tök) deməli və ilahi mükafat almalı olduğu qapı kimiyik. Müsəlmanlar da ilahi rəhmətə qovuşmaq, əfvə nail olmaq istəyirlərsə, Əhli-beytin (ə) vilayətini etiraf etməli və onların sevgi hərəminə daxil olmalıdırlar.[44] 59: Bəni-İsrailin Allahın fərmanına etinasızlığı: Qurana görə, Bəni-İsrail Beytül-müqəddəs məbədinə daxil olanda “hittə!” (İlahi, günahlarımızı tök!) sözünü dilə gətirməli idi. Bəzi təfsirçilərə görə isə onlar bu sözü istehza ilə, Allahn fərmanına qarşı gələrək dəyişdilər. Onun yerinə “hintə”, yəni buğda dedilər.[45] Bəni-İsrailin etinasızlığının əzabı: “Ricz” sözünün lüğəvi mənası iztirab və nizamsızlıqdır. Hicaz şivəsində əzab mənasını verir. Bəzi rəvayətlərdə ayədəki bu söz taun xəstəliyi kimi izah edilmişdir ki, sürətlə Bəni-İsrail arasında yayıldı. Maraqlı burasıdır ki, onlardan yalnız zalım olanlar bu xəstəliyə yoluxdu.[46] Bəni-İsrailin bir növ yeməyə dözümsüzlüyü: “Bir növ təam” dedikdə şirə və quş nəzərdə tutulur. Bu iki növ qidanın bir növ hesab olunmasına səbəb budur ki, onda müxtəliflik, çeşidlilik yox idi. Bir növ qida nə qədər dadlı olsa da yeknəsəq və təkrar olduqda insanı çiyrindirir.[47] Bəni-İsrailin mənzil saldığı şəhər: “Misir” sözü əslində iki şey arasındakı hədd, sərhəd, yaxud torpaq sahəsi mənalarında işlənir. Şəhərlər müəyyən hüdudlara sığdığından “Misir” adlanırlar.[48] Buna nəzərən düşünürük ki, bu ayədə “Misir”də məqsəd onun ümumi məfhumu, yəni şəhərdir (ölkə yox). Yəni, siz hazırda bu səhrada özünütərbiyə sınağından keçirsiniz. Bura növbənöv qidaların yeri deyil. Gedin şəhərlərdə məskən salın. Orada bunların hamısı var. Amma bu özünütərbiyə proqramı orada yoxdur.[49] Yəhudilərin peyğəmbərləri öldürməsi: Deyilənə görə, yəhudilər çoxlu sayda peyğəmbəri müxtəlif üsullarla, o cümlədən başını kəsmək, quyuya atmaq, qazanda qaynatmaq, yandırmaq və s. yollarla öldürmüşlər. Bundan başqa padşahların fərmanları, kafir və müşriklərin əli ilə bir çox peyğəmbərin ölümünə vasitə olmuşlar.[50] (İslam peyğəmbərinə) iman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (Yəhya peyğəmbərin ardıcılları) Allaha, axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. Onların nə bir qorxusu var, nə də onlar bir qəm-qüssə görərlər. (İlahi dinlərin ardıcıllarının hər biri öz dövründə vəzifələrinə və dini əmrlərə uyğun əməl etmişsə, mükafatını alacaq və nicat tapacaqdır.) (Yadınıza salın ki,) bir zaman sizdən əhd-peyman aldıq və Tur dağını başınızın üzərinə qaldırdıq (və sizə dedik: ) “(Allahın ayələrindən, fərmanlarından) sizə verdiyimizi möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, təqvalı olasınız”. Sonra bunun ardınca siz üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, şübhəsiz, ziyana uğrayanlardan olardınız. Şübhəsiz, sizin aranızdan şənbə günü əmrə tabe olmayıb günah edənlər haqqında məlumatınız var . Biz də onlara: “Qovulmuş meymunlar olun!” – dedik. Biz bu cəzanı onların müasirləri və sonrakı nəsillər üçün ibrət, təqvalılar üçün isə öyüd-nəsihət etdik. (Yadınıza salın ki,) bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir! (Onun bədəninin bir hissəsini qatili tapılmayan ölüyə vurun ki, dirilsin, qatilinin kim olduğunu bildirsin və bununla da hay-küy yatsın.)” (Onlar isə) dedilər: “Bizi ələ salırsan?” (Musa) dedi: “Cahillərdən olmaqdan Allaha sığınıram”. Onlar dedilər: “(Elə isə) bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!” – dedi. Onlar dedilər: “Bizim üçün Rəbbindən istə, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tam sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, – dedi. —————————————————————————————————————– İstənilən dinə sitayiş nicat tapmağa səbəb olurmu? Bəzən bu ayəyə istinad edərək digər bütün dinlərin doğru olmasının əsaslandırıldığını görürük. Onlar iddia edirlər ki, Qurana görə, kim sözügedən dinlərdən birinə iman edərsə, Qiyamətdə nicat tapacaqdır. Amma nəzərə almaq lazımdır ki, bu ayədə yəhudi və xristianların bəzi əsassız etiqadları tənqid olunmuşdur. Çoxsaylı Quran ayələrinə görə, onlar seçilmiş ümmət olduqlarına, hidayət olunmuş irq və xalq olduqlarına, digər insanlardan fərqləndiklərinə inanırdılar. Özlərini Allahın övladları və dostları hesab edirdilər. Onların etiqadına görə, axirət dünyası onlara məxsus idi. Cəhənnəmə getməli olsalar da bu, çox qısa müddətlik olacaq. Məlum ayə bu yanlış və azğın etiqada cavab olaraq cahanşümul müraciətlə buyurur ki, bütün insanlar Allah dərgahında eynidirlər. Heç bir zümrə başqa bir zümrədən üstün deyil. Tək müsəlman, yəhudi, xristian və s. adı üzərində olmaqla xilas olmaq mümkün deyil. Əksinə, Qiyamətdə xilas olmağın əsası budur ki, insan həqiqətən səmimi qəlbdən iman gətirsin və onu yaxşı əməllə müşayiət etsin. Buna görə də bu ayə əsla bütün şəriətləri rəsmiləşdirmir. Bəşəriyyəti bu yollardan istədiyini seçməkdə azad buraxmır. Əksinə, ayədə məqsəd özünü yüksəkdə görməyin, yəhudilik və s. kimi sözlərin əsassız olmasıdır. Bu səbəbdən də sözügedən ayədən ümumi sülh nəzəriyyəsini anlamaq və bütün dinlərin ardıcıllarının nicat tapacağını anlamaq olmaz. Quranın hansı dinin ardıcılı olmağı Qiyamətdə xilas olma səbəbi hesab etdiyini bilmək üçün digər ayələrə – misal üçün, “Ali-İmran” surəsinin 85-ci ayəsnə – müraciət etmək lazımdr.[51] Dağı Bəni-İsrailin başı üzərinə qaldırmağın səbəbi: Dağı Bəni-İsrailin başı üzərinə qaldırmaqda məqsəd onları böyük ilahi qüdrətdən qorxutmaq, Allahın fərmanlarına əməl etməyə səsləmək olmuşdur. Əlbət ki, bu dəvətdə ikrah və məcburiyyət olmamışdır. Onda məqsəd onlara Allahın əzəmətli qüdrətini göstərmək olmuşdur. Çünki əgər dağı Bəni-İsrailin başı üzərinə qaldırmaq məcburiyyətə səbəb olsaydı, o zaman həzrət Musanın (ə) digər bir çox möcüzələri də məcburiyyətə, insanların zorla dinə gətirilməsinə səbəb olardı. Bir halda ki, Qurana görə, onlar bütün bu heyrətləndirici möcüzələrə şahid olandan sonra yenə də iman gətirmədilər. Necə ki, sonrakı ayədə deyilir: “Sonra bunun ardınca siz üz döndərdiniz”.[52] Ətraflı məlumat üçün, “Əraf” surəsinin 171-ci ayəsinin izahına bax. “Əshabi-səbt” haqqında ətraflı məlumat üçün, “Əraf” surəsinin 165-ci aysəinə bax. (Onlar yenə) söylədilər: “Bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin, çünki bu inək bizə qaranlıq qalıb. Əgər Allah istəsə, əlbəttə, düz yolda olacağıq”. (Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o, nə yer şumlamağa ram edilmiş, nə də əkin suvarmış bir inəkdir. Eyibsiz-qüsursuzdur, hətta heç bir başqa rəngi yoxdur”. (Bu zaman) onlar: “İndi həqiqəti gətirib çıxartdın”, – dedilər və onu (belə bir inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi görməsinlər. (Yadınıza salın ki,) siz o zaman bir nəfəri öldürüb, sonra onun (qatili) barəsində mübahisə etdiniz. Allah gizlətdiyinizi aşkara çıxarır. (Belə olduqda) dedik: “(Kəsilmiş inəyin) bir parçasını ölüyə vurun (ki, dirilib qatilinin kim olduğunu bildirsin)”. Allah ölüləri belə dirildər və sizə Öz nişanələrini göstərər ki, bəlkə düşünəsiniz. Bundan (bu əhvalatdan) sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Çünki bəzi daşların içərisindən çeşmələr axır, bəzisi yarılıb içindən su fışqırır və bəzisi də Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür. (Amma sizin qəlbləriniz nə Allah qorxusu ilə döyünür, nə də bilik və insani duyğuların mənşəyidir.) Allah sizin etdiklərinizdən qafil deyildir. İndi onların sizə (dininizə) inanacaqlarınımı umursunuz? Halbuki onların içərisində elələri vardır ki, Allahın kəlamını dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər. İman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”, – deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (bəziləri digərlərinə etiraz olaraq): “Allahın (İslam peyğəmbərinin nişanələri haqqında) sizə bildirdiyi şeyi onlara (müsəlmanlara) danışırsınız ki, (Qiyamət günü) Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi?” – söyləyirlər. —————————————————————————————————————– Bəhanə aramaq və vəzifənin ağırlaşdırılması: İmam Rzadan (ə) aşağıdakı məzmunda bir rəvayət nəql olunmuşdur: “Bəni-İsraildən bir kişi yaxınlarından birini öldürdü, nəşini isə qəbilələrdən birinin yolu üstünə atdı. Sonra bir dəstə toplayıb ölənin qanını tələb etmək üçün həzrət Musanın (ə) yanına getdi və ondan qatili tapıb üzə çıxarmasını istədi. Musa (ə) dedi: “Mənim üçün bir inək gətirin”. Dedilər: “Bizi ələ salmısan?” Musa (ə) dedi: “Cahillərdən olmaqdan Allaha sığınıram”. Əgər onlar inək gətirsəydilər, sonrakı zəhmətlərə qatlaşmazdılar. Amma onlar işi daha da çətinləşdirdilər. Allah da onların işini ağırlaşdırdı. Dedilər: “Bizim üçün Rəbbindən istə ki, onun necə (inək) olmasını bizə bildirsin“. Musa dedi: “Allah o inəyin nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olduğunu buyurur. Sizə əmr olunanı (yubanmadan) yerinə yetirin!” Nəhayət, həmin əlamətlərə uyğun inəyi Bəni-İsraildən olan bir gəncdən tapdılar. Gənc dedi: “Mən inəyimi bir qızıl dolu dəridən başqa heç nəyə satmaram”. Onu satın aldılar. Musanın (ə) göstərişi ilə kəsdilər. Ətinin bir parçasını ölünün bədəninə vurdular. Öldürülmüş şəxs dirildi və qatilinin kim olduğunu açıqladı. Musa (ə) səhabələrinə dedi: “İnək əhvalatı bundan ibarət idi ki, əməlisaleh bir gənc atasına çox hörmət qoyurdu. Bir gün onun üçün çox qazanc gətirəcək bir alış-veriş fürsəti yarandı. Atasının yanına getdi ki, sandığın və ya otağın açarını alsın. Amma atası yatdığından onu oyadıb narahat etmədi və alış-verişdən vaz keçdi. Atası əhvalatdan xəbərdar olub ona “afərin” dedi və həmin inəyi ona bağışladı”. Sonra həzrət Musa (ə) buyurdu: “Yaxşı əməlin nəticəsinin sahibinə necə çatdığına baxın!”[53] Mövcudatın Allaha təbii itaəti: Ayənin “(Bəzi daşlar) Allahın qorxusundan (dağdan yuvarlanıb) düşür” hissəsi insanlarda belə bir sual doğura bilər ki, daşların dağlardan yuvarlanıb düşməsi zəlzələ və s. təbii hadisələrlə bağlı olduğu halda Quran onların Allahın qorxusundan düşdüyünü bildirir. Bu suala cavab olaraq demək lazımdır ki, bütün səbəblər sonunda Allaha gedib çıxır. Daşın dağdan aşağı yuvarlanmasında təbii hadisələrdən təsirlənməsi əslində Allahın gerçəklikdə yaratdığı qanunlardan təsirlənməsidir. Daş dağdan düşdükdə əslində Allahın qanunu, ilahi fərman icra olunur. Sanki daş Allahın fərmanına itaət üçün, Onun qanununa itaətsizlik qorxusundan aşağı yuvarlanır. Necə ki, “Bəqərə” surəsinin 166-cı ayəsində oxuyuruq: “Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir“.[54] Güman ki, bütün varlıqlar, hətta daşlar da Allahın əmrlərinə tabe olurlar. Amma insanın qəlbi o qədər sərtdir ki, ilahi fərmanlara əsla məhəl qoymur. Onlar bilmirlərmi ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?! Onların bəziləri Allahın kitabını boş arzulardan (xam xəyallardan) başqa bir şey sanmayan avamlardır (bisavadlardır). Onlar yalnız zənnə qapılırlar. Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allah tərəfindəndir!” – deyirlər ki, onu az qiymətə satsınlar. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına! (Onlar): “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz” – dedilər. (Onlara) de: “Allahdan belə bir əhd almısınızmı? – Allah heç vaxt öz əhdindən dönməz. – Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?” Bəli, günah edən və günahlarının təsiri bütün varlığını bürüyən şəxslər od əhlidirlər və onlar orada əbədi qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə Cənnət əhlidirlər və onlar orada əbədi olacaqlar. (Yadınıza salın ki,) bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara yaxşılıq edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra (əhdinizə rəğmən) az bir qisminiz istisna olmaqla üz döndərdiniz və (əhdinizə vəfa etməkdən) boyun qaçırdınız. —————————————————————————————————————– Təqlid – kortəbii, yoxsa şüurlu: “Bəqərə surəsinin 75 və 79-cu ayələri yəhudiləri iki qismə ayırır. Birinci qisim səmavi kitabı oxuyur, amma onu öz istəklərinə uyğun yazır və təhrif edirdi. İkinci qisim oxumaq və yazmaq bilmirdi. Səmavi kitabdan yalnız birinci qismin onlara dediyi təhrif və yalanları bilirdilər.[55] Bu ayə ilə bağlı nəql olunmuşdur ki, bir kişi İmam Sadiqə (ə) dedi: “Avam (savadsız) yəhudilər öz səmavi kitablarından yalnız alimləri vasitəsi ilə xəbər tutduqları halda, necə olur ki, Allah onları alimləri qəbul etdikləri, onlardan söz dinlədikləri üçün məzəmmət edir? Yəhudi avamları bizim alimləri eşidən, onların ardınca gedən avamlarımızdan fərqli idilərmi?” İmam (ə) buyurdu: “Bizim avamlarımız yəhudi avamlarından bir cəhətdən fərqli, digər cəhətdən isə onlara bənzərdirlər. Allah yəhudi avamlarını qınadığı kimi bizim də avamlarımızı qınayıb. Onların fərqi budur ki, yəhudi avamları alimlərinin vəziyyətindən xəbərdar idilər və bilirdilər ki, onlar açıq şəkildə yalan danışırlar. Haram yeyir, rüşvət alırlar. Allahın hökmlərini dəyişirlər. Onlar öz vicdanları ilə bu gerçəyi dərk etmişdilər ki, belə şəxslər günahkardırlar. Onların Allah və Onun hökmləri haqqındakı sözlərini, peyğəmbərlər haqqında şahidliklərini qəbul etmək doğru deyil. Bu səbəbdən Allah onları qınamışdır. Əgər bizim avamlarımız da öz alimlərindən aşkar günah, şiddətli təəssüb, dünya və harama tamahı görüb, onların ardınca getsələr, günahkar alimlərin ardınca getdikləri üçün qınanan yəhudilər kimi olacaqlar”. Sonra imam (ə) buyurdu: “Avam, savadsız insanlar ruhunun saflığını qoruyan, dinə sadiq olan, nəfsani həvəslərə qarşı gələn, ilahi fərmana müti olan alimlərin ardınca getməlidirlər”.[56] Yəhudilik və irqi üstünlük etiqadı: Bu ayə yəhudilərin əsassız sözlərindən birinə işarədir. Bu illüziya onları qürrələndirirdi, yanlışlıqlarına, eqoistliklərinə, xudpəsəndliklərinə səbəb olurdu. Bu etiqada əsasən, yəhudi irqi bütün irqlərdən üstündür. Onlar fərqlidirlər, günahkarları yalnız qısa bir müddət cəzalandırılacaqlar. Sonra isə Allahın əbədi Cənnəti onların ixtiyarına veriləcək. Yəhudilər özlərini peyğəmbərlərin övladları hesab edir və deyirdilər: “Onlar Qiyamət günü öz övladları ilə bağlı şəfaət edəcəklər”. Həmçinin onların şəfaət edəcəyinə inandıqlarından deyirdilər: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz”. Bu ayə məntiqi açıqlama ilə sözügedən yanlış düşüncəni aradan qaldırır və bildirir ki, sizin bu sözünüz iki haldan xaric deyil. Ya Allahla bu haqda xüsusi əhd-peyman bağlamısınız. – Təbii ki, belə bir əhd-peyman yoxdur. – Ya da Allaha qarşı yalan danışırsınız.[57] Xoş danışmaq: İmam Sadiq (ə) “İnsanlarla xoş danışın” ibarəsi ilə bağlı buyurur: “İnsanlarla xoş danışın. Yaxşılıq və xeyirdən başqa bir şey haqqında danışmayın. Nə qədər ki, bir sözün yaxşı olduğunu bilmirsiniz, dilinizə gətirməyin”. İmam Baqirdən (ə) nəql olunan bir rəvayətdə oxuyuruq: “İnsanlarla sizinlə danışılmasını istədiyinizdən daha yaxşı və xoş danışın”.[58] (Xatırlayın ki,) o zaman sizdən: “Bir-birinizin qanını tökməyin, bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd aldıq. Sonra da siz (özünüz bu əhdə) şahidlik edərək (onu) təsdiqlədiniz. Amma yenə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni öz yurdundan çıxaran, onlara qarşıbu günah və təcavüzdə köməkləşən sizsiniz. (Bunlar hamısı Allahla bağladığınız əhdi pozmaqdır.) Onlar əsir düşüb yanınıza gəlsələr, fidyə verib azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Məgər, siz səmavi kitabın bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin (ilahi hökmlər və qanunlar arasında fərq qoyanların) cəzası dünyada yalnız rüsvayçılıq, Qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah gördüyünüz işlərdən qafil deyil. Onlar axirəti dünya həyatına satan kimsələrdir. Buna görə də onların əzabı yüngülləşməz və onlara kömək olunmaz. Biz Musaya kitab (Tövrat) verdik, ondan sonra bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar dəlillər bəxş etdik və onu Müqəddəs Ruhla qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan (nəfsinizin istəklərinə uymayan) bir şey gətirən peyğəmbərə təkəbbür göstərmədinizmi? (Ona iman gətirməkdən imtina etmədinizmi?) Onların bir qismini təkzib edib, bir qismini isə öldürmədinizmi? (Onlar istehza ilə) dedilər: “Bizim qəlblərimiz örtülüdür”. (Biz sənin sözlərindən bir şey anlamırıq). (Əslində) Allah onları məhz küfrlərinə görə lənətləmişdir (rəhmətindən uzaq salmışdır. Ona görə də bir şey anlamırlar). Odur ki, onlar az inanırlar. —————————————————————————————————————– Yəhudilər və əsirlər üçün fidyə ödəmək: Əksər təfsirçilər bu ayə haqqında bildirmişlər ki, Bəni-Qüreyzə və Bəni-Nəzir qəbilələrinin hər ikisi yəhudi qəbilələrindən idi və bu qəbilələr bir-biri ilə yaxın qohum idilər. Onlar dünya mənafeyinə görə bir-biri ilə qarşı-qarşıya gəldilər. Bəni-Nəzir Xəzrəc qəbiləsinə, Bəni-Qüreyzə isə Əvs qəbiləsinə qoşuldu. Hər ikisi (Xəzrəc və Əvs) müşrik ərəb qəbilələrindən idi. Xəzrəc və Əvs qəbilələri arasında baş verən döyüşlərdə Bəni-Qüreyzə və Bəni-Nəzir də öz müttəfiqlərinə kömək edirdi. Lakin döyüş alovu sönükdükdən sonra bütün yəhudilər toplaşıb, əl-ələ verib fidyə (əsirləri azad etmək üçün ödənilən vəsait) ödəyərək əsirlərini azad edirdilər. Bu işlərində Tövratın hökm və qanununu əsas gətirirdilər. Halbuki birincisi, Əvs və Xəzrəc hər ikisi müşrik qəbilələr idilər və onlara kömək icazəli deyildi. İkincisi, fidyə ödəmək əmrini verən qanun qətldən çəkinmək əmrini də vermişdir. Yəhudilər arasında digər nadan və inadkar qövmlərdə olduğu kimi bu növ ziddiyyətli əməllər çox idi. Ayənin işarələrindən biri budur ki, iman və təslim olmağın nəticəsi özünü qanun insanın şəxsi mənafeyinə zidd olanda göstərir. Bu halda insan ilahi qanuna hörmət edərsə, deməli, imanlıdır. Yoxsa, ilahi göstərişlər insanın mənafeyini qorumaq yönündə olanda ona əməl etmək nə fəxrdir, nə də iman əlaməti. Buna görə də möminləri müsəlmanlardan daim bu yolla ayırmaq olar. Çünki möminlər ilahi qanunların hamısına təslim olurlar. Münafiqlər isə ayrı-seçkilik edirlər.[59] Dünya və onun axirət qarşısında dəyərsizliyi: Allah Quranda dəfələrlə dünya həyatını məzəmmət etmiş, insanlara xəbərdarlıq etmişdir: “Dünya həyatı sizi aldatmasın“. Bu qınağın səbəbinə gəlincə, Quran insanlara elə bir həyat və yaşam vəd etmişdir ki, dünya həyatı onun yanında çox dəyərsizdir. Onu dünya həyatına satmaq olmaz. Allah-taala “Tövbə” surəsinin 38-ci ayəsində dünya və axirət arasındakı fərq haqqında buyurur: “Axirətə qarşılıq dünya həyatınamı razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) çox cüzi bir şeydir!” Həzrət Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Dünya və axirətin müqayisəsi sizdən birinizin barmağını dənizə salıb, sonra onu çıxarması kimidir. Görün onun barmağı dəniz suyundan nə qədər götürə bilmişdir”.[60] Həzrət Əli (ə) isə buyurur: “Bir azad kişi yoxdurmu ki, ağızda qalmış bu artığı (dəyərsiz dünyanı) öz əhlinin (kafir və münafiqlərin) ixtiyarına buraxsın? Sizin canlarınızın qiyməti və dəyəri ancaq Cənnətdir. Elə isə özünüzü ondan başqa heç nəyə satmayın”.[61] Bəli, insan dünya və axirət yolayrıcında qalanda dünyanı seçərsə, Quranın qınağına tuş gələr. Necə ki, “Əraf” surəsinin 32-ci ayəsində oxuyuruq: De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram etmişdir?” De: “Bunlar dünyada iman gətirənlər üçündür (hərçənd, başqaları da onlardan istifadə edə bilirlər), (lakin) Qiyamət günündə (axirətdə) isə xalis (möminlərə məxsus) olacaqdır”. Ayələrimizi anlayıb-bilənlərə belə izah edirik”. Ruh əl-Quds (Müqəddəs Ruh): Təfsirçilər Müqəddəs Ruh haqqında müxtəlif fikirlər irəli sürmüşlər. Bəzilərinə görə, burada Cəbrayıl (ə) nəzərdə tutulur. Bu ehtimala əsasən ayə belə başa düşülməlidir: “Allah İsaya Cəbrayıl vasitəsilə yardım etdi və onu qüvvətləndirdi”. Buna sübut “Nəhl” surəsinin 102-ci ayəsidir. Ayədə deyilir: “De: “Müqəddəs Ruh onu (Quranı) Rəbbin tərəfindən haqq olaraq nazil etmişdir!” Cəbrayıla Müqəddəs Ruh deyilməsinə səbəb budur ki, mələklərdə ruhanilik yönü aydın məsələdir. Onlara ruh deyilməsi də bu səbəbdəndir. Ona “müqəddəs” sözünün əlavə edilməsi isə bu mələyin fövqəladə şəkildə pak və müqəddəs olmasına işarədir.[62] Onlara Allah tərəfindən özlərində (kitablarında) olan nişanələrə uyğun bir kitab göndərildiyi zaman, bundan qabaq özlərinə kafirlər üzərində qələbə (onun köməyi ilə kafirlərə qalib gələcəkləri) müjdəsi verdikləri (öncədən) tanıdıqları halda (kitab və peyğəmbər) göndərildiyi zaman, ona küfr etdilər. Allah kafirlərə lənət eləsin! Onlar Allahın göndərdiyini boşuna inkar etməklə, “Allah nə üçün Öz lütfü ilə istədiyi bəndəsinə ayələrini nazil edir?” – deyə etiraz etməklə özlərini çox pis şey qarşılığında satdılar və buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirlər üçün alçaldıcı bir əzab var. Onlara: “Allahın nazil etdiklərinə inanın!” – deyildikdə, onlar: “Biz özümüzə göndərilənə inanırıq”, – deyir, ondan başqasını inkar edirlər. Halbuki o həqiqətdir və onlara nazil olanı təsdiq edir. (Onlara) söylə: “Əgər (doğru deyirsinizsə, özünüzə nazil olan ayələrə) inanırsınızsa, bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?” Musa sizə o qədər dəlillər (möcüzələr) gətirdi. Siz isə onun ardınca (Musa yox ikən) zülm edərək buzovu (tanrı) seçdiniz. (Yadınıza salın ki,) o zaman Biz sizdən əhd aldıq, Tur dağını başınızın üstünə qaldırdıq (və dedik): “Sizə verdiyimiz (fərmanlardan) möhkəm yapışın və (düzgün) eşidin!” Onlar isə: “Eşitdik, amma qarşı çıxdıq”, – dedilər. Çünki küfrləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. (Onlara) de: “Əgər iman gətirmisinizsə, imanınız sizə necə də pis əmr edir!” —————————————————————————————————————– Yəhudilərin Peyğəmbərin (s) nişanələrindən xəbərdar olması: Bu ayənin izahı ilə bağlı İmam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: “Yəhudilər öz kitablarında görmüşdülər ki, gələcək peyğəmbərin hicrət edəcəyi məkan (Mədinənin iki tərəfində yerləşən) Əyr və Ühüd dağları arasında olacaqdır. Onlar öz yurdlarından çıxıb, çoxlu axtarışdan sonra Mədinəyə gəlib çatdılar. Orada məskən saldılar. Ticarətlə məşğul olub həyatlarını sürdürdülər ki, İslam peyğəmbəri (s) nübüvvətini elan etsin və ona iman gətirsinlər. Sonralar Əvs və Xəzrəc qəbilələri də orada məskunlaşdı. Bu iki qəbilənin cəmiyyəti çoxaldıqda yəhudilərin mal-mülkünə təcavüz etdi. Yəhudilər onlara deyirdilər: “Həzrət Məhəmməd (s) gələndə sizi bizim diyarımızdan çıxaracaq”. Həzrət Məhəmməd (s) peyğəmbərliyə seçiləndə Əvs və Xəzrəc qəbilələri ona iman gətirib, “Ənsar” olaraq şöhrət qazandılar. Yəhudilər isə nişanələrini kitablarında oxumaqlarına və gələcəyi ümidi ilə Mədinəyə gəlmələrinə baxmayaraq, onu inkar etdilər.[63] Yəhudilərin inadkarlığı: “Buna görə də onlar (Allahın) qəzəbi üstünə bir qəzəb də artırdılar” ibarəsinin təfsirinə görə, yəhudilər Allahın ayələrinə küfr etmək, Onun fərmanlarına itaət göstərməmək, ilahi peyğəmbərləri qətlə yetirmək kimi səbəblərdən Allahın qəzəbinə tuş gəlmişdilər. Bu, onların uğradığı ilk qəzəb idi. Onların qalıqları isə İslam peyğəmbərinin (s) nübüvvətindən sonra da ata-babalarının yollarını getdilər. Yəni, nəinki onun dinini inkar etdilər, hətta ona qarşı mübarizəyə qalxdılar və bu, onları yeni bir qəzəbin tutmasına səbəb oldu. Bu isə artıq ikinci qəzəb idi.[64] Babaların peyğəmbər öldürməsi, nəvələrin razılığı: Ayənin “bəs nə üçün bundan qabaq Allahın peyğəmbərlərini öldürürdünüz?” hissəsi ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Bu ayə Peyğəmbər (s) dönəmində yaşayan yəhudilər haqqında nazil olmuşdur. Halbuki keçmiş peyğəmbərləri onlar öldürməmişdilər. Heç onların zamanında da yaşamayıblar. Peyğəmbərləri öldürən keçmiş yəhudilər olmuşdur. Lakin Allah onları da qatillərin yerində hesab etmiş, keçmişdəkilərin çirkin işlərini onlara aid etmişdir. Çünki onlar keçmişdəkilərin – sələflərinin yolunu gedirdilər. Onları sevirdilər (və onların işindən razı idilər)”.[65] (Onlara) de: “Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!” Amma onlar özlərindən qabaq göndərdikləri pis əməllərə görə əsla ölüm arzulamazlar. Allah zalımları tanıyır. Onları yaşamağa (bu dünyaya və sərvət toplamağa) bütün insanlardan, hətta müşriklərdən də daha artıq həris görərsən. (Belə ki) onlardan hər biri ona min il ömür verilməsini istər. Halbuki bu uzun ömür onu (İlahi) əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür. (Onlar deyirlər: “Sənə vəhyi nazil edən mələk Cəbrayıl olduğuna görə və biz onunla düşmən olduğumuza görə sənə iman gətirmirik”.) De: “Cəbrayıla düşmən olan (əslində Allaha düşməndir). (Çünki) o Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir”. Kim Allaha, Onun mələklərinə və peyğəmbərlərinə, Cəbrayıla və Mikayıla düşməndirsə, (kafirdir və) şübhəsiz, Allah kafirlərə düşməndir. Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər. (Yəhudilər) hər dəfə (Allah və Peyğəmbərlə) əhd bağladıqları zaman onların bir qismi onu pozmadımı?! Bəli, onların çoxu iman gətirməz. Allah tərəfindən onlara özlərində (kitablarında) olan nişanələrə uyğun bir peyğəmbər gəldikdə, səmavi kitab verilənlərdən bir qismi guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi. —————————————————————————————————————– Yəhudilərin irqçiliyi və Quranın buna münasibəti: Quran ayələrindən əlavə, yəhudilərin həyat tarixindən də aydın olur ki, onlar özlərini ali irq mənsubları hesab edirdilər. (İndi də belə hesab edirlər.) Onlar hesab edirdilər ki, insan cəmiyyətinin ən yaxşı, seçilmiş gülüdürlər. Cənnət onlar üçün yaradılmışdır. Onlar Allahın övladları və Onun xüsusi dostlarıdırlar. Bu axmaq eqoistlik Quranın bir çox ayələrində yəhudilərdən söhbət açıldıqda əks olunmuşdur. “Maidə” surəsinin 18-ci ayəsində onların dilindən oxuyuruq: “Biz Allahın oğulları və xüsusi dostlarıyıq“. “Bəqərə” surəsinin 111-ci ayəsində isə deyilir: (Onlar) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu xülyalar bir tərəfdən onları zülmə, cinayətə, günaha və təcavüzə sürükləyirdi, digər tərəfdən isə kibrə, xudpəsəndliyə, eqoizmə səsləyirdi. Quran bu ayədə onların iddiasına kəskin və tutarlı cavab verir: “Əgər (sizin iddia etdiyiniz kimi) Allah yanında axirət evi başqa insanlara deyil, yalnız sizə məxsusdursa və əgər siz (bunu) doğru deyirsinizsə, onda ölüm arzulayın!” Yəni, Allahın mərhəmətinə sığınmaq, sonsuz Cənnət nemətləri içində olmaq istəmirmisiniz? Yəhudilər bu iddiaları ilə müsəlmanları dinlərindən soyutmaq istəyirdilər. Amma Quran onların yalanlarının üstünü açır. Çünki onlar dünyanı tərk etmək istəmirdilər. Necə ki, 95-ci ayədə də buna işarə edilmişdir.[66] Cəbrayıla (ə) düşmən olacaq qədər inad: Təfsirçilər bu ayənin nazilolma səbəbi ilə bağlı bildirirlər ki, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra, bir gün yəhudi alimlərindən biri – İbn Suriya bir qrup Fədək yəhudisi ilə birgə Peyğəmbərin (s) yanına gəldi. Onlar Həzrət Peyğmbərdən (s) müxtəlif suallar soruşdular. Onun nübüvvətinə şahid olacaq dəlilləri araşdırdılar. Peyğəmbər (s) o suallara cavab verdi. Onlar cavabların doğru olduğunu görüb razılaşdılar. İbn Suriya dedi: “Bir sual qalıb. Ona da cavab versən, sənə iman gətirib tabe olacağıq. Sənə nazil olan mələyin adı nədir?” Həzrət (s): “Cəbrayıl”, – deyə bildirdi. İbn Suriya dedi: “O, bizim düşmənimizdir. Çünki cihad və savaş haqqında ağır hökmlər gətirir. Mikayıl isə həmişə sadə və rahat hökmlər gətirir. Əgər sənin mələyin Mikayıl olsaydı, sənə iman gətirərdik”. Bu ayə onlara cavab olaraq nazil oldu ki: “Cəbrayıla düşmən olan (əslində Allaha düşməndir). (Çünki) o Quranı Allahın fərmanı ilə özündən əvvəlkiləri təsdiqləyən, möminlər üçün isə hidayət və müjdə olaraq sənin qəlbinə nazil etmişdir“.[67] “Nazilolma səbəbi” ardınca ayə və ya ayələr gələn hadisəyə deyilir. Buna görə də “nazilolma” səbəbini bilmək ayənin mənasını başa düşməkdə çox təsirli və faydalıdır. Allah dərgahına yaxın dörd mələk: İslam qaynaqlarında adətən Allah dərgahına yaxın dörd mələyin – Cəbrayıl, Mikayıl, İsrafil və Əzrayılın adı çəkilir ki, onlardan ən üstünü Cəbrayıldır.[68] Bu mələklər Allahın işlərdəki vasitələridir. Cəbrayıl İlahi vəhy vasitəsi, Mikayıl məxluqatın ruzi vasitəsi, İsrafil Qiyamətdə ölüləri diriltmə vasitəsi, Əzrayıl isə can almaqda vasitədir.[69] İmam Səccaddan (ə) mələklər haqqında nəql olunan bir duada oxuyuruq: “İlahi! Salam göndər İsrafilə, o şeypur sahibinə (ona üfürməklə hamı öləcək, ikinci dəfə üfürdükdə isə hamı diriləcək). (Salam göndər ona ki,) şeypura üfürərək, məzarda uyuyanları diriltmək üçün Sənin fərmanını gözləyir. (Salam göndər) Sənin yanında yüksək yeri, Sənə mütilik səbəbilə yüksək məkanı olan Mikayıla. (Salam göndər) göylərinin əhli arasında itaət olunan, yanında dəyərli, dərgahına yaxın olan Mikayıla!”[70] (Yəhudilər) Süleymanın dövründə şeytanların (insanlara) oxuduqlarına tabe oldular. Süleyman (əsla sehrə əl bulaşdırmadı və) kafir olmadı, lakin şeytanlar kafir oldular və xalqa sehr öyrətdilər. (Yəhudilər də) iki Babil mələyi Harut və Maruta nazil olanlara tabe oldular. (Onlar sehri batil etmək, təsirini aradan qaldırmağı bilmək üçün xalqa öyrədirdilər). “Biz sınaq vasitəsiyik, kafir olma! (Bu təlimlərdən pis məqsədlər üçün istifadə etmə!)” – deməmiş heç kəsə bir şey öyrətmirdilər. (Buna baxmayaraq, yenə də) onlardan ər-arvad arasına nifaq sala biləcəkləri şeylər öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Şübhəsiz, belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər! Əgər onlar iman gətirib təqvalı olsaydılar (pis əməllərdən çəkinsəydilər), Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Əgər bunu dərk etsəydilər. Ey iman gətirənlər! (Peyğəmbərdən Quran ayələrini dərk etmək üçün möhlət istədikdə) “raina” deməyin, “unzurna” deyin! (Çünki birinci söz həm “bizə möhlət ver” mənasında, həm də “bizi səfeh hesab et” mənasında işlənir və bu, düşmənlər üçün bir bəhanə idi). (Sizə əmr olunanı) eşidin! Kafirləri (və istehza edənləri) ağrılı bir əzab gözləyir. Nə kitab əhlindən olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük lütf sahibidir! —————————————————————————————————————– Süleyman (ə) kafir olmadı: Hədislərdən bəlli olur ki, həzrət Süleyman (ə) zamanında onun ölkəsində bir dəstə sehr və cadugərliklə məşğul olurdu. Süleyman (ə) onların bütün yazılarını, vərəqələrini toplayıb, xüsusi yerdə saxlamağı əmr etdi. Bəlkə də buna görə ki, onların arasında sehrbazların sehrini batil etmək üçün faydalı mətləblər var idi. Süleyman (ə) dünyasını dəyişəndən sonra bir dəstə onları üzə çıxarıb yaymağa, insanlara öyrətməyə başladı. Bəziləri yaranmış vəziyyətdən istifadə edib Süleymanın (ə) heç peyğəmbər olmadığını, ölkəni həmin sehr və cadu vasitəsilə ələ keçirdiyini və bu yolla xariqüladə işlər gördüyünü iddia etdilər. Bəni-İsraildən də bir qrup onların ardınca gedib cadugərliyə aludə oldu. Onlar hətta Tövratdan da əl çəkdilər. İslam peyğəmbəri (s) nübüvvətini elan etdikdən sonra Quran ayələri ilə Süleymanın (ə) Allahın peyğəmbəri olduğunu bildirdi. Bəzi yəhudi alimləri dedilər: “Məhəmmədə təəccüblənmirsinizmi ki, Süleyman sehrbaz olduğu halda, onun peyğəmbər olduğunu söyləyir?” Yəhudilərin bu sözü böyük İlahi peyğəmbərə iftira olmaqla yanaşı, onun kafir olmasını da gərəkdirirdi. Çünki onlara görə, Süleyman (ə) sehrbaz olduğu halda, yalandan özünü peyğəmbər adlandırmış və bu da onun kafir olmasına gətirib çıxarmışdı. Bu ayə onlara cavab olaraq nazil olmuşdur.[71] İlahi iradə – bütün istəklərin fövqündə: Ayənin “lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər” ibarəsi məcburiyyət ifadə etmir. Əksinə, bu ibarə tövhidin əsaslı prinsiplərindən birinə işarə edir. Belə ki, bu dünyada bütün qüdrətlər Allahın qüdrətindən mənşə alır. Hətta odun yandırması, qılıncın kəsməsi də Onun fərmanı və izni ilə baş verir. Cadugər Allahın iradəsinin əksinə olaraq, yaradılışa müdaxilə edə, Allahın hakimiyyətini məhdudlaşdıra bilməz. Bunlar Allahın müxtəlif varlıqlara bəxş etdiyi xüsusiyyətlərdir. Bəziləri bunlardan yaxşı yararlanırlar, bəziləri isə sui-istifadə edirlər. Deməli, Allahın insanlara bəxş etdiyi azadlıq da onların sınanması üçün bir vasitədir.[72] Sehr – böyük günah: Sehr – bəzən insanların vücuduna təsir göstərə biləcək xariqüladə işlərə deyilir. Bəzən bir növ gözbağlıcadır. Bəzənsə onun təsiri yalnız psixi və xəyalidir.[73] Bütün İslam fəqihlərinə görə, sehri öyrənmək və cadugərlik etmək haramdır. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Kim az və ya çoxluğundan asılı olmayaraq, sehr öyrənsə, kafir olmuş və Allahla əlaqəsi tamamilə kəsilmişdir”. Əlbəttə, cadunu öyrənmək sehrbazların sehrini batil etmək üçün olarsa, eybi yoxdur. Hətta bəzən bəzilərinin sehri öyrənməsi “vacibi-kifayi ” olur ki, əgər yalançı iddiaçı insanları bu yolla aldatmağa çalışsa, onun sehr və cadusunu batil edib, yalan iddiasını ifşa etsin.[74] Biz hər hansı bir hökmü ləğv edir və ya onu təxirə salırıqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirdinmi?! Bilmirdinmi ki, göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur (Öz hökmlərində məsləhətə uyğun olaraq, hər növ dəyişiklik aparmaqda haqlıdır)? Sizin Allahdan başqa bir haminiz və yardımçınız yoxdur. (Sizin məsləhətinizi bilən də, təyin edən də Odur.) Yoxsa siz də Peyğəmbərinizdən (Məhəmməddən) bundan əvvəl Musadan edilən (ağılsız) tələbi edirsiniz?İmanı küfrə dəyişən kəs, şübhəsiz, doğru yoldan (ağıl və fitrət yolundan) azmışdır. Kitab əhlindən bir çoxu, həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində kök atmış paxıllıq üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə qaytarmaq istəyirdilər. Allah öz əmrini (cihad fərmanını) göndərincəyə qədər onları əfv edin və bağışlayın (güzəştə gedin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir! Namaz qılın, zəkat verin. Özünüz üçün qabaqcadan göndərdiyiniz xeyir işi Allah yanında (axirət dünyasında) tapacaqsınız. Şübhəsiz, Allah nə etdiklərinizi görəndir. (Onlar) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs girməyəcək”. Bu, ancaq onların arzusudur (xəyalıdır). (Onlara) de: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin”. Bəli, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) nə bir qorxusu var, nə də onlar qəm-qüssə görərlər. (Deməli, Cənnət heç bir qrupun inhisarında deyil.) —————————————————————————————————————– İnsanın təkamülü üçün proqram: “Nəsx” yox etmək, məhv etmək kimi mənalarda işlənir. Şəriət terminologiyasında bir hökmün qüvvədən düşərək digər bir hökmlə əvəz edilməsidir. Misal üçün, müsəlmanlar Mədinəyə hicrətdən sonra yeddi ay Beytül-müqəddəsə doğru namaz qıldılar. Ondan sonra qiblənin dəyişdirilməsi haqqında fərman çıxarıldı və müsəlmanlar Kəbəyə üz tutub namaz qılmaqla vəzifələndirildilər. “Nəsx” anlayışı ilə bağlı bu məqama diqqət yetirmək zəruridir ki, insanın ehtiyacları bəzən zamana, mühitə, şəraitə uyğun olaraq dəyişir, bəzən isə sabit qalır. Bir zaman bu və ya digər proqram insanın xöşbəxtlik qarantıdır. Lakin başqa bir zamanda həmin proqram şərait dəyişdiyi üçün onun yolunu kəsən daşa çevrilə bilər. Bu gün hansısa dərman xəstə üçün faydalıdır. Həkim ifstifadəsini münasib görür. Növbəti günlərdən birində isə xəstə nisbətən sağaldığına görə, həkim dərmanı kəsməsini, yaxud dəyişməsini münasib görə bilər. Bu məsələ insanların və cəmiyyətin təkamül qanununa nəzərən daha da aydın olur. Bəşəri cəmiyyətlərin təkamül axarında bəzən bu və ya digər proqram faydalı, qurucu, bəzənsə ziyanlı və dağıdıcı ola bilir. Xüsusilə ictimai və ideoloji inqilablar baş verdikdə proqramların tədricən, fərqli zaman kəsiklərində dəyişilmə zərurəti daha aydın nəzərə çarpır. Əlbəttə, unutmaq lazım deyil ki, ilahi dinlərin prinsipləri əsas təməlləri təşkil edir. Bütün şəraitlərdə və bütün məkanlarda eynidir. Heç zaman tövhid prinsipi, ictimai ədalət və yüzlərlə bu qəbildən olan hökm dəyişməzdir. “Nəsx” qaydası daha kiçik və ikinci dərəcəli məsələlərə aiddir.[75] Möcüzə – nübüvvətin isbatlanma vasitəsi: Quran bir çox ayədə bu mətləbi açıqlamışdır ki, Musanın (ə) qövmü ondan ya qeyri-mümkün olan, ya da baş verməsi məsləhət olmayan tələblər edirdi. “Bəqərə” surəsinin 55-ci ayəsində oxuyuruq: “(Yadınıza salın ki,) “ya Musa, Allahı açıq-aşkar görməyincə, sənə əsla iman gətirməyəcəyik”, – dediyiniz zaman, gözünüz görə-görə sizi ildırım vurdu“. “Zuxruf” surəsinin 53-cü ayəsində deyilir: “Əgər (Musa) doğru deyirsə, nə üçün ona qızıl bilərziklər taxılmayıb və onunla birlikdə mələklər gəlməyib?” Allah da onlara haqqa təslim olmamaqlarına səbəb olan bu yersiz bəhanə və tələblərinə görə şiddətli əzab verdi. Peyğəmbər (s) dövrünün yəhudiləri və Qüreyş müşrikləri də ondan belə tələblər edirdilər. Belə ki, “İsra” surəsinin 90-93-cü ayələrində oxuyuruq: Dedilər: “Bizə (bu qızmar və quru) yerdən bir bulaq çıxarmayınca, yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca, yaxud, güman etdiyin kimi, göyü (daşlarını) parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca, sənə iman gətirməyəcəyik“. Lakin həqiqət isə budur ki, peyğəmbərlər öz iddialarının – onları Allahın göndərdiklərinin isbatı üçün, Allahın izni və fərmanı ilə öz dövrlərinin insanlarının düşüncə və şüur səviyyəsinə uyğun işlər görürdülər. İnsanlar bu işlərdən aciz idilər. Buna görə də həmin işlər möcüzə adlanır. Bu ayə İslam peyğəmbərinin (s) müxaliflərini qınayır, məzəmmət edir ki, yersiz tələblər irəli sürməsinlər. Əks təqdirdə, Musanın qövmü kimi, ilahi əzaba düçar olarlar. Prinsipcə, möcüzə peyğəmbərlərin insanların nəfsani meyllərinə uyğun olaraq, tələb etdiyi hər şeyi etməsi və onların peyğəmbərlik missiyasının xalq üçün tamaşaxanaya dönməsi üçün deyil, nübüvvətlərini sübuta yetirmək üçündür.[76] Yəhudilər dedilər: “Xaçpərəstlərin (Allah yanında) heç bir yeri yoxdur”. Xaçpərəstlər isə dedilər: “Yəhudilərin heç bir yeri yoxdur (və haqq deyillər)”. Halbuki onların hər ikisi səmavi kitab oxuyur (və bu növ təəssüblərdən uzaq durmalıdırlar). Bilməyənlər (müşriklər kimi digər cahillər) də onlar kimi danışdılar. Allah, Qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək. Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların viran edilməsinə çalışanlardan daha zalım kim ola bilər? (Halbuki) onlar oraya ancaq qorxa-qorxa girməli idilər. Onlar üçün dünyada (yalnız) rüsvayçılıq, axirətdə isə böyük (ilahi) əzab vardır. Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır. Şübhəsiz ki, Allah ehtiyacsız və biləndir. (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. – O pakdır. – Əksinə, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir. Göyləri və yeri var edən Odur. Bir şeyin yaranmasına fərman verdikdə, ona yalnız: “(Var) ol!” – deyər, o da dərhal (var) olar. Cahillər dedilər: “Nə üçün Allah bizimlə danışmır və ya bizim özümüzə bir ayə və nişanə gəlmir?” Onlardan əvvəlkilər (də) belə demişdilər. Onların qəlbləri (və düşüncələri) biri-birinə bənzəyir. Şübhəsiz, biz əminliklə inananlara (və həqiqət axtaranlara) ayə və nişanələrimizi (kifayət qədər) aydınlaşdırdıq. Biz səni haqq olaraq (bəşəriyyətə) müjdə verməyə və qorxutmağa göndərdik. Sən (risaləti çatdırdıqdan sonra) Cəhənnəm əhli(nin yolunu azmasına) cavabdeh deyilsən. —————————————————————————————————————– Məscidləri dağıtmaq (sökmək) və oraya daxil olmağa maneçilik törətmək: Bu ayə nüsəlmanların Məscidül-həramda və Kəbə ətrafında namaz qılmasına mane olan kafir və müşriklər haqqında nazil olmuşdur.[77] Əlbəttə, ayənin mənası genişdir. Müəyyən zaman və məkanla məhdudlaşmır. Xüsusi şəraitdə nazil olan, lakin hökmü bütün dövrlərə aid olan ayələrdəndir. Buna görə də, hansı kəsim bu və ya digər şəkildə məscidlərin dağıdılmasına çalışsa, yaxud orada Allahın adının çəkilməsinə və ya ona ibadət edilməsinə mane olsa, sözügedən rüsvayçılığa, həmin böyük əzaba düçar olar. Bir məqama da diqqət yetirmək lazımdır ki, məscidə getməyin qarşısını almaq, Allahın adının çəkilməsinə mane olmaq, məscidin sökülməsinə çalışmaq heç də yalnız məscidin binasını bel və külünglə sökməklə olmur. Əksinə, məscidin rövnəqdən salınmasına səbəb olan istənilən addım, eləcə də insanlara Allahı unutduran, onları qəflətə sövq edən hər şey bu hökmdədir. [78] Namazda qibləyə diqqətin səbəbi: Ötən ayədə məscidlərə mane olan, onların sökülməsinə çalışan zalımlardan söhbət gedirdi. Bu ayədə də həmin mövzu davam etdirilir: “Şərq də, qərb də Allahındır. Hansı səmtə üz tutsanız, Allah oradadır“. Əgər sizə məscidlərə, tövhid mərkəzlərinə getməyi yasaq etsələr, Allaha bəndəlik, ibadət etmək yolu bağlı deyil. Şərqin və qərbin hamısı Allaha məxsusdur. Ona görə də hansı səmtə getsəniz, Allah oradadır. Yəni, Allaha hər yerdə ibadət edə bilərsiniz. Digər bir məsələ isə budur ki, qibləyə üz tutmaq məsələsi heç də Allahın zatının konkret məkanla məhdudlaşması demək deyil. Əksinə, insan maddi varlıq olduğundan, müəyyən bir səmtə namaz qılmalıdır. Buna görə də müsəlmanların cərgəsində vəhdət və ahəngdarlıq yaransın, hərc-mərcliyin və pərakəndəliyin qarşısı alınsın deyə, hamının bir səmtə namaz qılması əmr olunmuşdur. Qiblə üçün təyin olunan yer isə Kəbədir. Kəbə ən qədim tövhid mərkəzi olan müqəddəs məkandır. Ona üz tutmaq tövhid xatirələrini anmaqdır.[79] Kəbə, özünə yox, səmtinə namaz qılınan və səcdə olunan məkandır. Bir çox ibadətlərdə isə qiblə şərt deyil.[80] Peyğəmbərlərin ən böyük missiyası: Müşdə vermək və qorxutmaq ilahi peyğəmbərlərin ən böyük missiyası olmuşdur. Onlar bir tərəfdən möminləri və əməlisalehləri dünya və axirətdə əməllərinin mükafatından xəbərdar etmişlər, digər tərəfdən isə kafir və günahkarları küfr və günahın acı nəticəsi haqqında məlumatlandırmışlar ki, insanlar bununla nicat və ya həlak yolunu aydın şəkildə dərk etsinlər və tam sərbəstliklə bu iki yoldan birini seçsinlər. Necə ki, Quranın “Ənfal” surəsinin 42-ci ayəsində oxuyuruq: “Lakin Allah olacaq işi həyata keçirmək üçün belə etdi ki, həlak olan (yolunu azan) açıq-aşkar bir dəlillə həlak olsun, sağ qalan (hidayət olan) aşkar bir dəlilllə sağ qalsın“.[81] Sən onların (istəklərinə tam təslim olmayınca və təhrif olunmuş) dinlərinə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən qətiyyən razı qalmayacaqlar. (Onlara) de: “Allahın göstərdiyi yol yeganə doğru yoldur”. Əgər sənə gələn elmdən sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman Allah tərəfindən sənə nə bir hami, nə də bir köməkçi olacaqdır. Səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar İslam peyğəmbərinə iman gətirirlər. Onu inkar edənlər isə ziyana uğrayanlardır. Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və (vaxtı ilə) sizi bütün insanlardan üstün etdiyimi xatırlayın. Qorxun o gündən ki, heç kəs heç kəsi müdafiə etməz, heç kəsdən əvəz qəbul edilməz, heç kəsə şəfaət fayda verməz və onlara (heç bir tərəfdən) kömək göstərilməz. (Yadınıza salın ki,) Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman o, bu sınaqlardan yaxşı çıxdı. (Bu zaman Allah ona: ) “Səni insanlara imam (rəhbər, başçı) təyin edirəm”, – dedi. (İbrahim isə:) “Nəslimdən də (imamlar təyin et)” – dedi. (Allah:) “Mənim əhdim zalımlara çatmır (və sənin övladlarından bu məqama yaınız pak və qüsursuz olanlar layiqdirlər)”, – buyurdu. (Yadınıza salın ki,) o zaman evi (Kəbəni) insanlar üçün dönüş və əmin-amanlıq yeri etdik. “(Siz də onu anmaq üçün) İbrahimin durduğu yeri özünüzə ibadətgah edin!” İbrahimə və İsmayıla da: “Evimi (Kəbəni) təvaf edənlər, yaxınlıqda olanlar, rüku və səcdə edənlər üçün təmizləyin”, – deyə əmr etdik. (Yadınıza salın ki,) İbrahim: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına (cürbəcür) məhsullardan ruzi ver!”- deyə dua etdikdə, O (Allah): “(Duanı qəbul etdim və möminlərə hər növ bərəkət verdim.) Kafir olanlara isə (bu məhsullardan) cüzi pay verəcəyəm. Sonra da onları Cəhənnəm əzabına sürükləyəcəyəm. Ora nə pis bir aqibətdir!” – deyə buyurdu. —————————————————————————————————————- Quranı layiqincə oxumaq: Ayənin “səmavi kitab verdiyimiz kimsələrdən (yəhudi və xaçpərəstlərdən) onu layiqincə oxuyanlar” hissəsi ilə bağlı İmam Sadiqdən (ə) maraqlı bir rəvayət nəql olunmuşdur. Rəvayətdə deyilir: “Məqsəd budur ki, Quran ayələrini diqqətlə, aram oxusunlar. Onun həqiqətlərini anlasınlar, hökmlərinə əməl etsinlər. Müjdələrinə ümidvar olsunlar, hədələrindən qorxsunlar. Hekayətlərindən ibrət alsınlar, fərmanlarına boyun əysinlər, qadağalarından çəkinsinlər. Allaha and olsun ki, məqsəd ayələri əzbərləmək, hərfləri və surələrin oxunuşunu, (cüz və ya hizb kimi) bölgülərini öyrənmək deyil. Onlar Quranın hərflərini əzbərlədilər. Amma onun hüdudlarını aşdılar. Məqsəd yalnız Quran üzərinə düşünmək və hökmlərinə əməl etməkdir”.[82] İbrahimin (ə) imamlığı: “Rəbbi İbrahimi müxtəlif vasitələrlə sınağa çəkdiyi zaman” ibarəsinə təfsirçilər belə izah verirlər ki, burada İbrahimin (ə) sınağa çəkildiyi çətinliklər nəzərdə tutulur. Misal üçün, həyat yoldaşını və körpə uşağını quraq Məkkə çölündə qoyması, Babil bütpərəstlərinə qarşı çıxması, onların bütlərini sındırması, oda atılması, istəkli oğlu İsmayılı (ə) qurban kəsməsi əmri və s. Quran “Saffat” surəsinin 106-cı ayəsində həzrət İbrahimin (ə) ən bariz sınaqlarından birini – həzrət İsmayılı (ə) qurban kəsmək əmrini nəql etmişdir. Təfsirçilərə görə, bu fərman həzrət İbrahimin (ə) ömrünün sonlarında baş vermişdir və o, Allah tərəfindən “imam” olmadan öncə peyğəmbər olmuşdur. Bu, imamət məqamının nübüvvət məqamından yüksək olmasına sübutdur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Allah İbrahimi (ə) peyğəmbər seçməzdən qabaq Öz bəndəsi etdi. Onu rəsul etməzdən qabaq peyğəmbər seçdi. Dostu seçməzdən qaba rəsulu etdi. Onu imam seçməzdən qabaq Öz dostu etdi. Bütün bu məqamları onda toplayandan sonra isə ona: “Səni imam təyin edirəm”, – buyurdu. Bu məqam İbrahimə (ə) o qədər böyük göründü ki, dedi: “İlahi, mənim nəslimdən də imamlar təyin et!” İmam o kəsdir ki, insanlar onun ardınca gedirlər. Onu özlərinə rəhbər seçirlər. Onun sözünə, əməlinə tabe olurlar. Peyğəmbərin missiyası ilahi göstərişləri çatdırmaq, insanlara səadət yolunu göstərməkdir. İmamın işi isə ilahi göstərişləri icra etməkdir. Yəni, imam öz ilahi gücü ilə yolu göstərir, hidayət olmasına, kamilliyə yetməsinə zəmin olanlara bələdçilik edir və mənzil başına çatdırır.[83] Bu ayə imamın məsum (qüsursuz) olmasının dəlillərindən biridir. Çünki Allah əhdinin (imamətin) zalımlara çatmayacağını bildirir. Zülmün, ədalətsizliyin hər növü, kim tərəfindən olmasından asılı olmayaraq, yüksək imamlıq məqamından məhrum olmağa səbəb olur.[84] İnsanların dönüş yeri və əmin-amanlıq mərkəzi: “Məsabə” sözü “səub” kökündən olub bir şeyin ilkin halına qayıtmasına deyilir. Allahın evi Kəbə monoteistlərin hər il üz tutduğu, tək cismani yox, həm də ruhani və mənəvi olaraq ilk tövhid və fitrətə qayıtdığına görə, “məsabə” – dönüş yeri adlanır. Həzrət İbrahimin (ə) məqamı Kəbə evinin yaxınlığındadır və hacılar təvaf etdikdən sonra onun yanına gedir və orada təvaf namazı qılırlar. Rəvayətlərə görə, İbrahimin (ə) məqamı onun durduğu yerdir və onun ayaq izi daşın üzərində qalmışdır.[85] (Onu da yadınıza salın ki,) İbrahim və İsmayıl evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bunu) bizdən qəbul et, Sən, doğrudan da eşidən və bilənsən!” – deyə dua etdilər. “Ey Rəbbimiz! Bizi öz fərmanına təslim et! Nəslimizdən də Sənə təslim olan ümmət (yarat)! Bizə ibadət qaydalarımızı göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edən və rəhmlisən”. “Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini onlara oxusun, onlara kitab və hikmət öyrətsin, onları təmizləsin! Çünki Sən qüdrətli və hikmətlisən (bu işə qadirsən)”. İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) səfeh və nadanlardan başqa kim üz döndərər? Həqiqətən, Biz onu bu dünyada seçdik və heç şübhəsiz, o, axirətdə də əməlisalehlərdən olacaq. Rəbbi ona: “(Haqqa) təslim ol!” – dedikdə, o (Allahın əmrini bütün qəlbi ilə qəbul etmiş və): “Aləmlərin Rəbbinə təslim oldum!” – demişdi. İbrahim və Yaqub (ömürlərinin son anında) övladlarına bu dini vəsiyyət etdilər (və hər biri öz övladlarına dedi: ) “Ey övladlarım, həqiqətən, Allah (bu pak) dini sizin üçün seçdi və siz dünyadan yalnız müsəlman olaraq (Allahın fərmanına təslim olaraq) köçməlisiniz”. Yaqubun ölümü çatdıqda siz onun yanında idinizmi?! O, övladlarından: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmayılın və İshaqın Allahına, tək Allaha təslim olacağıq!” – dedilər. Onlar keçib getmiş bir ümmətdilər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız. —————————————————————————————————————– İbadət qaydaları: Ayənin “bizə ibadət qaydalarımızı göstər” hissəsinin təfsirində iki nəzəriyyə daha çox diqqəti cəlb edir. Birincisi, ayədə “ibadət qaydaları” dedikdə, məqsəd həcc qaydalarıdır. Yəni, həzrət İbrahim (ə) və İsmayıl (ə) Allahın evini inşa etdikdən sonra Ondan evini ziyarət etmək qaydasını onlara öyrətməsini istədilər. İkincisi, ibadət qaydalarında məqsəd bütün dini vəzifələr, ibadətlə bağlı əməllərdir. Yəni, o həzrətlər Allahdan istəyirlər ki, onlara ibadət və bəndəlik qaydalarını öyrətsin və Allaha Onun sevdiyi şəkildə, istədiyi qaydalara uyğun ibadət etsinlər.[86] Peyğəmbərlərin tövbə və əfv diləyinin mənası: Təfsirçilər ayənin “tövbəmizi qəbul et” ibarəsinin izahı ilə bağlı bildirirlər ki, həzrət İbrahim (ə) ilə İsmayılən (ə) tövbə etməsinin səbəbi heç də günah etmələri olmamışdır. Çünki peyğəmbərlər məsumdurlar. Onlar heç bir günah etmirlər. Amma Allah dərgahına yaxın insanlar hansı məqama çatırlarsa çatsınlar, Allahı tanımaq, dərk etmək baxımından adi insanlardan çox yüksəkdə dursalar da, özlərini Allah qarşısında daha kiçik, daha qüsurlu görürlər. Özlərini Allahın onlara etdiyi lütf qarşısında xəcalətli hesab edirlər. Buna görə də vəzifələrini icra etməyi, ibadətlərini Allah dərgahına layiq hesab etmir, buna görə də tövbə edirlər. Belə ki, İslam peyğəmbərindən (s) nəql olunan bir hədisdə deyilir: “İlahi! Səni layiq olduğun kimi tanımadıq və Sənə layiq olduğun kimi ibadət etmədik”.[87] Kamil insanların dini: Allah saleh bəndəsi İbrahim (ə) haqqında söhbət açdıqdan, onun bəndəlikdə səmimiliyindən, dünya və axirət ehtiyaclarını ehtiva edən əhatəli dualarını xatırlatdıqdan, digər insanlara xidmətini yüksək qiymətləndirdikdən sonra onu kamil insan və ümmətin imamı olaraq təqdim edərək buyurur: “İbrahimin dinindən (bu qədər pak və aydın olduğu halda) səfeh və nadanlardan başqa kim üz döndərər?” Çünki yetkin və sağlam zəka insanı səadət və təkamül yoluna əmr edir. Quran yeganə xalis tövhid və Allaha təslim olmaq yolunu – İbrahimin (ə) dininin həqiqətini bəyan etmişdir. Deməli, ağıllı insan ağlı vasitəsilə İbrahimi (ə) və onun dinini tanıdıqdan sonra səadəti belə bir insana tabe olmaqda görür və kim inad və təəssüb səbəbilə İbrahimin (ə) dinindən üz döndərsə, əslində əqli baxımdan yetkinləşməmiş, inkişafdan qalmışdır.[88] İslamın mənası və dərəcələri: İslam və təslimin hər ikisi bir kəsin və ya bir şeyin başqa birinə müti olmasını və əsla onun itaətindən çıxmamasını ifadə edir. Bu və bu qəbildən olan ayələrdə İslam mütləq şəkildə ilahi göstərişlərə, Allahdan gələnə tabe olmaqdır. İlahi göstərişləri və qaydaları icra etmək fərqli dərəcələrə malikdir. İslamın ən aşağı dərəcəsi Allahın yeganəliyini və digər təlimləri dil ilə iqrar etməkdir. Bu, “kəlmeyi-şəhadət” adlanır. Şübhəsiz, bu kimi ayələrdə həzrət İbrahimin (ə) islamında məqsəd onun bu mərhələsi deyil. Burada məqsəd Allaha elə bir şəkildə təslim olmaqdır ki, bəndə özünü heç bir şeyin maliki sanmasın. Bütün əşyaların, o cümlədən, öz varlığının əsl malikinin Allah olduğunu bilsin. Bu halda Allahın istəyi onun istəyi olacaq. Bütün cidd-cəhdi Allahın razılığını əldə etmək olacaq.[89] (Kitab əhli:) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” – dedilər. De: “(Bu təhrif olunmuş dinlər əsla doğru yola yönəltməzlər,) əksinə, xalis İbrahim dininə tabe olun. O, əsla Allaha şərik qoşanlardan deyildi. Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, (eləcə də) Musaya, İsaya və (digər) peyğəmbərlərə Rəbbi tərəfindən verilənə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz yalnız Ona (Allahın əmrinə) təslim olanlarıq. (İrqi təəssüblər, şəxsi qərəzlər onların arasında ayrı-seçkilik etməyimizə səbəb olmur)”. Əgər onlar da sizin iman gətirdiyinizə iman gətirsələr, doğru yola yönəlmiş olarlar. Yox, əgər boyun qaçırsalar, haqdan ayrılmış olarlar. Allah onların şərini səndən uzaq edər. O, (hər şeyi) eşidən və biləndir. “(Budur) ilahi rəng! (İman, İslam və tövhid rəngini qəbul edin.) Hansı rəng ilahi rəngdən daha yaxşıdır?! Biz ancaq Ona ibadət edirik”. De: “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O, həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona ürəkdən (səmimi-qəlbdən) pərəstiş edirik. Yoxsa siz İbrahimin, İshaqın, Yaqubun və onun övladlarının yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? (Onların yəhudi və ya xaçpərəst olmadıqlarını bildiyiniz halda, nə üçün gerçəyi gizlədirsiniz?)” Yanında olan ilahi şəhadəti gizlədənlərdən daha zalım kim ola bilər? Allah sizin etdiklərinizdən xəbərsiz deyildir. (Hər halda) onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız. —————————————————————————————————————– İlahi rəng: Bu ayədə deyilir ki, iki ayə öncə sözügedən iman bir növ ilahi rəngdir və bu rəng ən yaxşı rəngdir. Yaxşı rəng Allahın dinində ixtilaf salan və Allahın əmr etdiyi kimi qorunub saxlanmayan yəhudilik və xristianlıq deyil.[90] Bəzilərinə görə, Allahın bu ayədə rəng sözündən istifadə etməsinə səbəb budur ki, rəng aydın göründüyü kimi, iman və İslam da möminlərdə tam olaraq aydın olur. Yaxud rəng cismin ayrılmaz hissəsi olduğu kimi, iman da möminlərin ürəyinə nüfuz edir və oradan çıxmır.[91] Bu ayənin izahı ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “İlahi rəngdə məqsəd İslamdır”.[92] Əməlin qəbul olunmasının ən mühüm amili: “İxlas” – bir şeyi özünə aid olmayan hər şeydən təmizləməkdir.[93] Quranda isə ixlas o deməkdir ki, bəndə ibadətdə heç bir şeyi və ya heç bir kəsi Allaha şərik qoşmasın.[94] “Kəhf” surəsinin 110-cu ayəsində oxuyuruq: “Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın”. Quranda və Əhli-beytdən (ə) gələn rəvayətlərdə ibadətdə ixlas üzərində təkidlə dayanılmışdır. Belə ki, onu əməlin qəbul olunmasında ən önəmli amil kimi qiymətləndirmişlər. İmam Sadiqdən (ə) nəql olunan rəvayətdə deyilir: “Sizin Rəbbiniz mehribandır, az əməli də qəbul edir. Allahın bəndəsi yalnız Allahın razılığını qazanmaq üçün iki rəkət namaz qılır, Allah həmin iki rəkət namaza görə onu Cənnətə daxil edir”.[95] Digər tərəfdən isə Allahdan başqasına xoş gəlmək, qeyrisinin razılığını qazanmaq üçün iş görmək əməlin boşa çıxmasının ən böyük amili kimi verilmişdir. Belə ki, İslam peyğəmbəri (s) buyurur: “Rəbbiniz buyurmuşdur: “Mən yaxşı şərikəm. Kim işlərində məxluqatdan birini Mənə şərik qoşsa, o işin hamısını o şərikə verəcəyəm. Çünki Mən heç bir əməli sırf Mənim üçün olmadan qəbul etmirəm”.[96] Yəhudilərin öz babaları ilə öyünməsi: Bu ayə yəhudilərin yanlışlarından birinə cavabdır. Onlar öz ata-babaları, onların yaxşı əməlləri və Allah dərgahındakı əzəməti ilə öyünürdülər. Güman edirdilər ki, özləri aludə olsalar da, ata-babalarının sayəsində nicat tapacaqlar. Quran bu ayədə buyurur: “Onlar keçib getmiş bir ümmətdirlər. Onların etdiyi əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Siz onların əməlləri barəsində sorğu-sual olunmayacaqsınız“. Buna görə də bütün səyinizi ata-babalarınızla öyünməyə sərf etmək əvəzinə öz etiqad və əməlinizi düzəltməyə, islah etməyə yönəldin. İlk baxışda bu ayənin yəhudilərə və kitab əhlinə müraciət etdiyi təsəvvür olunsa da, aydındır ki, bu hökm yalnız onlara xas deyil, eyni zamanda müsəlmanlara da aiddir.[97] Tezliklə ağılsız adamlar deyəcəklər: “Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?” De: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldir”. (Sizin qibləniz orta qiblə olduğu kimi) sizi orta (mötədil) bir ümmət etdik ki, insanlara şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. Bundan qabaq üz tutduğun qibləni yalnız Peyğəmbərə tabe olanlarla (ondan üz çevirib) geriyə dönənləri bir-birindən ayırd etmək üçün təyin etdik.Bu, Allahın doğru yola yönəltdiyi şəxslərdən başqası üçün ağır idi. (Bunu da bilin ki, keçmiş qibləyə qıldığınız namazlar düzdür.) Allah sizin imanınızı (namazınızı) puç etməz. Çünki Allah insanlara qarşı mehriban və mərhəmətlidir. Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hərama tərəf çevir! Harada olsanız, üzünüzü oraya döndərin! Səmavi kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. (Öz kitablarında İslam peyğəmbərinin iki qibləyə namaz qılacağı haqqında oxuyublar.) Allah onların (bu ayələri gizlətmək yönündəki) əməllərindən xəbərsiz deyildir. (And olsun ki,) sən kitab əhli üçün hər cür ayə (nişanə və dəlil) gətirsən də, onlar sənin qiblənə tabe olmayacaqlar. Sən də heç vaxt onların qibləsinə tabe olmayacaqsan. (Onlar qiblənin bir daha dəyişməsinin mümkünlüyünü təsəvvür etməməlidirlər.) Hətta onlar özləri də bir-birinin qibləsinə tabe olmayacaqlar. Əgər sənə gələn elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan olacaqsan. —————————————————————————————————————– Yəhudilərin fitnəsinin qarşısını almaq üçün qiblənin dəyişilməsi: Bu ayədən 115-ci ayəyə qədər qiblənin dəyişilməsindən söhbət gedir. İmam Sadiqdən (ə) ayə ilə bağlı nəql olunan bir rəvayətdə deyilir: “Peyğəmbər (s) on üç il Məkkədə, yeddi ay da Mədinəyə hicrətdən sonra Beytül-müqəddəs səmtinə namaz qılırdı. (Sonra) qiblə Məkkəyə doğru dəyişdi. Bunun səbəbi o idi ki, yəhudilər Peyğəmbərə (s) tənə vurur və deyirdilər: “Sən bizə tabesən. Bizim qibləmiz səmtinə namaz qılırsan”. Peyğəmbər (s) onların sözündən çox narahat olur, gecə yarısı evdən çıxır, gözlərini səmaya dikir və düşmənlərin tənəsinə cavab olaraq qiblənin dəyişməsi ilə bağlı ilahi fərman gözləyirdi. Növbəti gün Peyğəmbər (s) zöhr namazı vaxtı Bəni-Salim məscidinə getdi. Namazın iki rəkətini qılmışdı ki, Cəbrayıl nazil oldu. Peyğəmbərin (s) iki biləyindən tutub, onu Kəbə səmtinə çevirdi və bu ayə həzrətə (s) nazil oldu: “Biz sənin üzünün (yeni qiblənin təyin olunması üçün) göyə tərəf çevrildiyini görürük. İndi səni razı olduğun qibləyə tərəf döndərəcəyik. Üzünü Məscidül-hərama tərəf çevir!” (“Bəqərə”, 144) Peyğəmbər (s) namazın iki rəkətini Beytül-müqəddəs, digər iki rəkətini isə Məscidül-həram səmtinə qıldı. Bu zaman yəhudilər və ağlıkəmlər dedilər: “Onları (müsəlmanları) üz tutduqları qiblədən nə döndərdi?” Allah bu suala cavab olaraq buyurur: “Şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola yönəldər”. Yəni, bütün aləm Allaha məxsusdur. Kəbə və Beytül-müqəddəsin öz-özlüyündə bir dəyəri yoxdur. Onlara dəyəri Allah vermişdir.[98] Orta (mötədil) ümmət: Bəzi görkəmli təfsirçilərə görə, “sizi orta bir ümmət etdik ki, insanlara şahid olasınız” cümləsində məqsəd ümmətin müəyyən fərdləri, yəni məsum imamlardır (ə). “Orta ümmət”in mənası ilə bağlı iki versiya mövcuddur. Birinci versiyaya görə, orta ümmətdə məqsəd etiqadlarda, əxlaqi məsələlərdə və əməldə heç zaman ifrat və təfritə varmayan kəsimdir. Məsum imamlar pak və qüsursuz olduqları üçün daim yaşamlarında ifrat və təfritdən uzaq durmuş, bütün işlərində ən doğru yolu getmişlər. Heç bir səmtə doğru azmamışlar. Buna görə də Allah onları insanlara şahid etmişdir ki, onlar dünyada insanların əməllərinə şahid olsunlar və Qiyamət günü Allah yanında şahidlik etsinlər. Allah da onların şahidliyi üzərinə hökm etsin. İkinci versiyaya görə isə məqsəd Peyğəmbərlə (s) xalq arasında olan insanlardır. Yəni məsum imamlar (ə) insanların əməllərinə şahiddirlər. Necə ki, “Nisa” surəsinin 41-ci ayəsində oxuyuruq: “Hər ümmətdən (əməllərinə) bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman (onların halı) nə cür olacaq?” Yəni, hər ümmətin, o cümlədən İslam ümmətinin də şahidləri var. Peyğəmbər (s) bütün şahidlərə şahiddir. Hər halda bu ayələr müsəlmanların hamısına yox, xüsusi bir qrupa aiddir. Bu ayə ilə bağlı İmam Baqirdən (ə) nəql olunan bir hədisdə deyilir: “İnsanların şahidləri yalnız peyğəmbərlər və imamlardır. Bütün İslam ümmətinin nəzərdə tutulması və Allahın onlardan şahidlik tələb etməsi ağlamüvafiq deyil. Çünki ümmətin arasında elələri vardır ki, onların şahidliyinin heç bir dəyəri yoxdur”.[99] Səmavi kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, həqiqəti bilə-bilə gizlədir. Bu (qiblənin dəyiməsi hökmü), Rəbbin tərəfindən olan haqq bir hökmdür. Odur ki, heç vaxt ona şübhə edənlərdən olma. Hər kəsin (hər ümmətin) Allahın təyin etdiyi bir qibləsi vardır. (Buna görə də qiblə haqqında çox danışmayın. Onun yerinə) yaxşı işlər görməkdə bir-birinizi ötüb keçin. Harada olursunuzsa olun, Allah sizin hamınızı (Qiyamətdə yaxşı və pis əməllərinizin əvəzini vermək üçün) bir yerə toplayacaqdır. Çünki, O, hər şeyə qadirdir. Haradan (hansı şəhərdən, hansı nöqtədən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Bu, Rəbbin tərəfindən bir haqq fərmandır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir. Haradan (hansı səmtdən) çıxsan, (namaz vaxtı) üzünü Məscidül-hərama tərəf çevir. Harada olsanız, üzünüzü ona tərəf çevirin ki, (inaddan əl çəkməyən) zalımlardan başqa heç kəsin sizə qarşı bir dəlili olmasın. (Çünki keçmiş səmavi kitablarda verilən peyğəmbərin nişanələrindən biri onun iki qibləyə namaz qılmasıdır.) Onlardan qorxmayın, (yalnız) Məndən qorxun. (Qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım, bəlkə, siz doğru yola yönələsiniz. Həmçinin (qibləni dəyişməklə nemətimi tamamladığım kimi) sizə ayələrimizi oxumaq, sizi təmizləmək, kitabı, hikməti və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik. Elə isə Məni xatırlayın ki, Mən də sizi yad edim. Mənə şükür edin və (nemətlərimə) nankorluq etməyin. Ey iman gətirənlər! Səbir və namazdan kömək alın. (Çünki) Allah səbir edənlərlədir. —————————————————————————————————————– Keçmiş səmavi kitablarda İslam peyğəmbərinin (s) xüsusiyyətləri: Bu ayə ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Bu ayə yəhudi və xristianlar haqqında nazil olmuşdur. Çünki Allah Tövratda, İncildə və Zəburda həzrət Məhəmmədin (s), səhabələrinin və hicrətinin nişanələri haqqında məlumat vermişdir. Necə ki, Quranda da (“Fəth” surəsinin 29-cu ayəsində) deyilir: “Məhəmməd (s) Allahın elçisidir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Onları daim rüku və səcdə edən, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izindən məlumdur. Bu onların Tövratda və İncildəki vəsfidir“. Peyğəmbərin (s) və səhabələrinin bu xüsusiyyətləri Tövratda da var idi. Deməli, Allah Peyğəmbəri (s) göndərdikdə kitab əhli onun nişanələrini, xüsusiyyətlərini bilirdi. Necə ki, Allah bu haqda buyurur: “(Öncədən) tanıdıqları (kitab və peyğəmbər) göndərildiyi zaman, ona küfr etdilər”. [100] (“Bəqərə”, 89) Əlinin (ə) İlahi xəlifəliyi nemətin tamamlanması vədinin reallaşması kimi: Bəzi təfsirçilər ayənin “(qibləni dəyişməyimin səbəbi bu idi ki,) sizə olan nemətimi tamamlayım” hissəsinin izahı ilə bağlı demişlər ki, Allah bu ayədə müsəlmanlara onlara olan nemətini tamamlayacağını vəd etmişdir. Bu vədin həyata keçməsi “Maidə” surəsinin 3-cü ayəsində bəyan olunmuşdur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı bəyənib seçdim“. Bütün şiə təfsirçilərinə və eləcə də əksər əhli-sünnə təfsirçilərinə görə, “Maidə” surəsinin 3-cü ayəsi Qədir-Xumda həzrət Əli (ə) İslam peyğəmbəri (s) tərəfindən canişin təyin edildikdən sonra nazil olmuşdur.[101] Allahı xatırlamağın, Ona şükür etməyin fəzilət və həqiqəti: Allahı yad etməyin fəziləti haqqında çoxlu sayda rəvayətlər nəql olunmuşdur. İslam peyğəmbərindən (s) nəql olunan bir rəvayətə görə, bir gün o, səhabələrinə buyurdu: “Cənnət bağlarında gəzin”. Soruşdular: Ey Allahın elçisi! Cənnət bağları nədir?” Buyurdu: “Allahın xatırlandığı məclislər. Belə məclislərə gedin və Allahı xatırlayın. Kim Allah yanında dəyərinin nə qədər olduğunu bilmək istəyirsə, Allahın onun üçün nə qədər dəyərli olmasına baxsın. Çünki Allah Öz bəndəsinə onun Allaha göstərdiyi hörmət qədər hörmət göstərir. Bilin ki, sizin malikiniz və sahibiniz yanında ən yaxşı və ən təmiz əməliniz Allahı yad etməkdir. Çünki O, Özü Öz barəsində məlumat verərək buyurmuşdur: “Məni yad edin ki, Mən də sizi nemətlərimlə yad edim. Məni ibadət və itaətlə yad edin ki, Mən də sizi Öz yaxşılığımla, nemətlərimlə, razılığımla yad edim”. Əlbəttə, Allahı yad etməkdə məqsəd yalnız Onu dil ilə zikr etmək deyil. Əksinə, Allahı yad etmək insan ruhunun ibadətidir. Əgər dil ilə zikr könüldən gəlirsə, dəyərlidir. Əks təqdirdə dəyəri yoxdur. Unutmaq lazım deyil ki, Allahı həqiqi yad etmək özünü insanın əməlində göstərir. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Hər kim Allaha itaət etsə, Allahı yad etmiş olur, hərçənd, namazı, orucu və Quran tilavəti az da olsa. Kim Allaha asi olsa, Allah onu unudar, hərçənd, namazı, orucu və Quran tilavəti çox da olsa”.[102] Quran Allahı xatırlamaqla yanaşı şükür etməyi də əmr edir, insanı nemətə naşükürlük etməkdən həzər edir. Allaha şükür, Allaha ehtiyac, Onun qarşısında yoxsulluq hissi ilə birgə olmalıdır. Xeyirxah bir insan çarəsiz bir xəstəni təmənnasız müalicə edərsə, xəstə özünü həmin şəxsə qarşı xəcalətli hesab edər. Bu hiss dil ilə təşəkkür etməkdən daha yüksəkdir. Əgər insan Allahın məxluqu qarşısında belədirsə, hər şeyi Ondan olan Allah qarşısında necə olmalıdır? Bəli, dil ilə şükür etməklə Allaha şüurlu şəkildə şükür etmək arasında böyük fərq vardır.[103] Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə, onlar diridirlər, lakin siz dərk etmirsiniz. Əlbəttə, sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul itkisi ilə imtahan edirik. Səbir edənlərə müjdə ver. O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”, – deyirlər. Onlara Rəbbi tərəfindən lütflər və mərhəmət var. Doğru yolda olanlar onlardır. Səfa və Mərvə Allahın əlamətlərindəndir (nişanələrindəndir). (Odur ki,) Kəbə evini həcc və ya ümrə yolu ilə ziyarət edən şəxsin bunları təvaf etməsinə heç bir maneə yoxdur. (Müşriklərin bu iki dağa qoyduğu bütlər onların müqəddəsliyinə xələl gətirmir.) Kim yaxşı işlər görməkdə Allaha itaət etsə, Allah (onun əməli qarşısında) qədirbilən və (etdiklərindən) xəbərdardır. Kitabda insanlara aşkar etdiyimiz dəlillərdən sonra göndərdiyimiz nişanələri və hidayət vasitələrini gizlədən kimsələr Allahın lənətinə gəlirlər və bütün lənət edənlər də onlara lənət oxuyurlar. Mən yalnız tövbə edənlərin, (pis əməllərini yaxşı işlərlə) islah edənlərin və (gizlətdiklərini) aşkara çıxaranların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm. Şübhəsiz, kafir olanlar və kafir olaraq ölənlər Allahın, mələklərin və bütün insanların lənətinə gələcəklər. Onlar həmişəlik (lənət içərisində, Allahın rəhmətindən uzaq) qalacaqlar. Nə əzabları yüngülləşəcək, nə də onlara möhlət veriləcək. Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, Rəhman və Rəhimdir (ümumi və xüsusi rəhmətə malikdir). —————————————————————————————————————– Başıuca səbirlilər: Bu ayəyə görə, şübhəsiz, Allah insanları çətinliklərlə, müxtəlif müsibətlərlə imtahana çəkir. Bu imtahanlardan yalnız bir zümrə üzüağ çıxır və onlar səbirlilərdir. Növbəti ayə isə səbrliləri tanıdaraq buyurur: “Onlar başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”, – deyənlərdir“. Aydın məsələdir ki, məqsəd yalnız dillə demək deyil. Əksinə, qəlbən etiqad bəsləmək də önəmlidir. “Biz Allahınıq və Ona tərəf qayıdacağıq”ibarəsi ilə səbir arasında hansı əlaqənin olmasına gəlincə, bəzi böyük təfsirçilərə görə, insanın vücudu, onun malik olduqları – bədən üzvləri, mal, həyat yoldaşı, övlad və s.  özü-özlüyündə heç bir müstəqilliyə malik deyil. Allahın iradəsi ilə yaranmışdır və Allah insanın da, onun malik olduqlarının da həqiqi sahibidir. Hərçənd, Allah zahirdə insanı bəzi şeylərin maliki etmişdir. Amma bu mülkiyyət nisbidir. Bu zahiri və nisbi mülkiyyət insandan alınacaq. İnsan heç bir şeyə malik olmadan Allahın hüzuruna qayıdacaq. Həzrət Əli (ə) bu haqda buyurur: “Bizim “biz Allahınıq və Ona tərəf  qayıdacağıq” deməyimiz Allahın həqiqi malik, bizim isə Onun mülkiyyəti altında olmağımızı etirafdır. “Biz Allahınıq və Ona tərəf  qayıdacağıq” öləcəyimizi etiraf etməkdir”. Bəli, əgər insan çətinliklər, problemlər zamanı bütün varlığının Allahın mülkü olmasına, həqiqi sahibinin Allah olmasına və buna görə də öz mülkündən istədiyi kimi istifadə etməkdə haqlı olmasına, digər tərəfdən isə insanın dünyadakı zahiri mülkiyyətinin bitəcəyinə, Allahın hüzuruna tək-tənha dönəcəyinə diqqət yetirsə, başa düşəcək ki, əslində heç bir şeyin maliki deyil. Artıq onun olmayan bir şeyin əlindən çıxması üçün qəm yeməyəcək. Əlindəkilərin tələf olması ona kədər gətirməyəcək.[104] Səbir və müsibətin dəyəri ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə Peyğəmbərin (s) belə buyurduğu bildirilir: “Allah buyurur: “Mən dünyanı bəndələrimə borc olaraq verdim. Buna görə də kim dünyadan Mənə bir şey borc versə (yəni Allah yolunda xərcləsə), hər biri qarşılığında onun yeddi yüz bərabərinə qədər mükafat verəcəyəm. Ondan Mənə borc verməyən və məcburi şəkildə bir şey aldığıma isə onun qarşılığında üç şey verəcəyəm. Əgər o üç şeydən birini mələklərə versəydim, Məndən razı olardılar”. İmam Sadiq (ə) sonra buyurdu: “Bu üç mükafat Allahın məcburi aldıqları üçündür”.[105] Allahın tövbəni qəbul etməsi: Allah bu ayədən başqa Quranın heç bir yerində tövbə haqqında Öz adından danışmamışdır. Bu, Allahın tövbə edənə, keçmişini islah edənə sonsuz hörmətidir. Allah bu ayədə “onların tövbəsini qəbul edirəm. Mən tövbələri qəbul edən və mərhəmətliyəm“, – deyə buyurur və sanki bu işi bir əhd olaraq Öz üzərinə götürdüyünü, bəndəsini aludəliklərdən təmizləyəcəyini bəyan edir. Bu xüsusi lütfü iki sifətlə “təvvab” (çox tövbə qəbul edən) və “Rəhim” (xüsusi rəhmətə malik) təkmilləşdirmişdir.[106] İmam Baqirə (ə) isnad edilən bir rəvayətdə deyilir: “Allahın bəndəsinin tövbə etməsinə sevinməsi qaranlıq gecədə azuqəsini, qida tədarükünü itirib, sonra onu tapan adamın sevincindən daha çoxdur”.[107] Şübhəsiz, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, dənizdə insanların xeyrinə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla ölmüş torpağı diriltdiyi və onda növbənöv heyvanları yaydığı suda, göylə yer arasında ram edilmiş küləyin və buludların istiqamətinin dəyişdirilməsində düşünən insanlar üçün (Allahın varlığını və yeganəliyini göstərən) nişanələr vardır. Bəzi insanlar özlərinə Allahdan qeyri tanrı seçir, onları Allahı sevən kimi sevirlər. İman gətirənlərin Allaha məhəbbəti isə (müşriklərin bütlərinə sevgisindən) daha güclüdür. Zülm edənlər (Allahdan qeyrisini tanrı seçənlər) (ilahi) əzabı görəndə bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və (qorxduqları xəyali tanrıların yox,) Allahın şiddətli əzabı olduğunu biləcəklər. O zaman (azğın və azdıran) başçılar ardıcıllarından (onlara tabe olanlardan) uzaqlaşacaq, (ilahi) əzabı görəcək və əlləri hər yerdən üzüləcəkdir. O zaman tabe olanlar (ardıcıllar): “Kaş bir də dünyaya qayıda biləydik, (bu gün) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan (azğın başçılardan) uzaqlaşardıq”, – deyərlər. (Bəli,) beləcə Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər və onlar Cəhənnəm odundan heç vaxt çıxmayacaqlar. Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin. Çünki, o sizinlə açıq-aşkar düşməndir. O sizə ancaq pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edir. —————————————————————————————————————– Ən yaxşı ilahi töhfə: Ağıl, insanın onunla doğrunu və yanlışı, haqqı və batili, düzü və yalanı və s. ayırd etdiyi bir nemətdir.[108] O, elə bir nemətdir ki, insan onunla hidayət olur (doğru yola yönəlir), haqqa tabe olur və batil üzərində israrla dayanmır.[109] İslam rəvayətləri və Quran ayələrində ağıl üzərində çöx təkidlə dayanılmışdır. Belə ki, onu ən yaxşı ilahi töhfə hesab etmişlər.[110] Bu ayədə də deyilir ki, yaradılış haqqında düşünənlər ağıl sahibləridir. Onlar onu ilahi bir nişanə hesab edirlər. Ola bilsin ki, insanların əksəriyyəti Allahın nişanələrini görürlər. Amma ondan heç bir şəkildə faydalana bilmirlər. Bir rəvayətə görə, bir dəstə insan Peyğəmbərin (s) yanında bir müsəlmanı təriflədi. Həzrət (s) buyrudu: “Onun zəkası necədir?” Dedilər: “Ey Allahın rəsulu! Biz onun ibadətdəki cidd-cəhdindən, xeyirli işlərindən danışırıq, siz ağlından soruşursunuz?” Həzrət (s) buyrudu: “Axmağın axmaqlığı ucbatından gələn bəla günahkarların inadkarlığından daha pisdr. Allah Qiyamətdə bütün insanları ağıllarının səviyyəsinə görə yüksəldəcək və onlar bu meyarla Allaha yaxın olacaqlar”.[111] Əlbəttə, cəmiyyətdə bəziləri üçün ağıl zirək olmaq deməkdir. Amma rəvayətlərdə bu mənada işlənmir. İmam Sadiq (ə) ağıl haqqında buyurur: “Ağıl, o şeydir ki, onunla Allaha pərəstiş olunsun və Cənnət qazanılsın”. Ravi soruşdu: “Bəs Müaviyədə olan nə idi?” Həzrət (ə) buyurdu: “O, zirəklik və məkr idi ki, ağla oxşayır, amma ağıl deyil”.[112] Xəsislik, Qiyamətin böyük peşmançılığı: İmam Sadiqdən (ə) “Allah onların əməllərini təəssüf doğuracaq şəkildə özlərinə göstərər” ayəsi haqqında nəql olunan bir rəvayətdə deyilir: “Bu, o adamdır ki, malını Allaha itaət yolunda xərcləməyə ürəyi gəlmir. Sonra ölür və malını elə adam üçün qoyub gedir ki, onunla ya Allaha itaət edir, ya da Ona asi olur. Əgər vərəsə onunla Allaha itaət etsə, Qiyamətdə o əməlin savabı başqa bir tərəziyə qoyular və o təəssüf edər. Çünki savab onun malının nəticəsi idi. Əgər vərəsə onun malını Allaha itaətsizlikdə sərf etsə, (yenə təəssüf edər). Çünki o mal ilə vərəsəni Allaha itaətsizlik göstərməkdə qüvvətləndirmişdir”.[113] Məlumdur ki, bu hədis asi olanın və günahkarın Qiyamətdə peşmançılıq çəkməsini bəyan edir. Təbii ki, ayənin mənası bu hədislə məhdudlaşmır. Onlara: “Allahın nazil etdiyinə tabe olun!” – deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik”, – deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?) Kafirlərin məsəli (sənin onları dinə çağırmağının məsəli) o adamın məsəlinə oxşayır ki, (heyvanları təhlükədən xilas etmək üçün) haylayır, amma onlar hay-küydən başqa bir şey eşitmirlər. (Onun sözünün əsl mənasını anlamırlar. Bu kafirlər əslində) kar, lal və kordurlar. Buna görə də bir şey anlamırlar. Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin. Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir. Məcbur qalan üçün isə zülm etmədikcə və həddi aşmadıqca heç bir günah yoxdur. (Zərurət yarandıqda acından ölməmək üçün onlardan yeyə bilər.) Allah bağışlayan və mehribandır. Allahın kitabdan nazil etdiklərini gizlədən və onu ucuz qiymətə satanlar oddan başqa bir şey yemirlər. (Bu yolla əldə etdikləri hədiyyələr və mal-mülk əslində yanar oddur.) Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları ağrılı əzab gözləyir. Onlar azğınlığı doğru yola, əzabı bağışlanmağa dəyişənlərdir. Onlar Cəhənnəm əzabına necə də dözümlüdürlər! Bu, ona görədir ki, Allah (səmavi) kitabı haqq olaraq (aydın dəlil və nişanələrlə) göndərmişdir. Onunla bağlı ixtilaf edənlər (gizlətməklə, təhrif etməklə ixtilaf yaradanlar) dərin bir çatlaq (və dağınıqlıq) içərisindədirlər. ————————————————————————————————————— Allahın halal və haramı insanın məsləhətinə uyğundur: Haram, yasaqdır. “Bu və ya digər iş haramdır” dedikdə məqsəd budur ki, o işi görmək qadağandır. Halal isə haramın əksidir. Onun mənası isə əməldə azad olmaqdır. Bilmək lazımdır ki, hansısa işin, qidanın və s. halal və ya haram olması insanların öz məsləhətinə uyğundur və bunun Allaha bir xeyri dəymir. Necə ki, “Bəqərə” surəsinin 168-ci ayəsində deyilir: “Ey insanlar! Yer üzündəki qidaların təmiz və halal olanlarını yeyin“. Ayədə ifadə olunmağa çalışılır ki, bu və ya digər şeyin halal olması onun pak olması ilə yanaşıdır. Ayədə sözükeçən “təyyib” sözündə məqsəd insan məzacına xöş gələn yeməkdir.[114] “Maidə” surəsinin 4-cü ayəsində isə oxuyuruq: “Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur“. Bu ayədə Allah ümumi şəkildə buyurur ki, pak və insan təbiətinə uyğun olan şeylər halaldır.[115] İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Kim ölü heyvanın ətini yesə, bədəni zəifləyər, ağrı verər. (Ölü heyvanın əti) onun gücünü azaldar, nəslini kəsər. Ölü heyvan əti yeyən şəxs qəfil ölər”. Güman ki, bu fəsadların səbəbi həzm orqanının ölü heyvandan sağlam qan yarada bilməməsidir. Bundan başqa, ölü heyvanın əti həm də mikrob yığnağıdır. Buna görə də İslam dini ölü heyvan ətini yeməyi haram etməklə kifayətlənməmiş, həm də onu murdar hesab etmişdir ki, müsəlmanlar ondan tamamilə uzaq dursunlar.[116] Əlbəttə, əksər hökmlərin fəlsəfəsi bizə məlum deyil. Amma biz hikmət sahibi olan Allah tərəfindən gəlmiş həmin hökmlərə əməl edir, Allaha müti oluruq. Dinsatan alimlər – odyeyənlər: Təfsirçilərin yekdil rəyinə görə, bu ayələr kitab əhli haqqında nazil olmuşdur. Əksəriyyətin fikrincə, ayə xüsusilə yəhudi alimlərini nəzərdə tutur. Onlar İslam peyğəmbəri (s) nübüvvətə seçilməzdən öncə onun nişanələrini öz kitablarında görmüş və davamlı olaraq insanlar üçün danışmışlar. Amma Peyğəmbərin (s) gəlişindən sonra insanların kütləvi şəkildə ona yönəlməsini görüb qorxmuşlar ki, belə davam etdiyi təqdirdə öz mənafeləri təhlükəyə düşə bilər. Onlar üçün təşkil olunan ziyafətlər, verilən hədiyyələr əldən çıxa bilər. Buna görə də Peyğəmbərin (s) Tövratdakı nişanələrini gizlətmişdilər. Əlbəttə, ayənin nazilolma səbəbi bununla məhdudlaşmır. Ayənin geniş və ümumi mənası öz qüvvəsində qalır və ilahi hökmləri, əmrləri gizlədən hər kəsə şamil olur. Ola bilsin ki, bəziləri Quranda açıq bəyan olunan Əhli-beyt (ə) fəzilətlərini gizlətsinlər. Mövcud ayələri başqa şəkildə yozub izah etsinlər. Belə olan halda bu ayə onlara da aid olacaq. Bu ayə həmçinin axirətdə onların əməllərinin canlanmasına da işarə vurur və bildirir ki, həqiqəti gizlədənlər, bu yolla mal-mülk sahibi olanlar yanar od əldə ediblər və bu od axirətdə onların qarnına daxil olub yandıracaq. Həmçinin “Nisa” surəsinin 10-cu ayəsində deyilir: “Yetimlərin mallarını haqsızlıqla yeyənlər (əslində) yalnız od yeyirlər və tezliklə alovda yanacaqlar“.[117] Qeyd etmək lazımdır ki, “az qiymət” dedikdə o nəzərdə tutulmur ki, çox qiymətə satsaydılar, ziyanları az olacaqdı. Əksinə, məqsəd budur ki, dünya malından (bu yolla) əldə etdikləri hər şey dünya malı olduğu üçün az və dəyərsizdir.[118] Yaxşı əməl (yalnız namaz vaxtı) üzünü şərqə və (ya) qərbə tərəf çevirməyiniz deyil (və yaxşı əməl ancaq qiblənin dəyişilməsi haqqında danışmağınız və bütün vaxtınızı ona sərf etməyiniz deyil). Yaxşı əməl (sahibi) əslində Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yolda qalan müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, (eləcə də) əhd bağladıqda əhdinə vəfa edən, dar ayaqda, xəstəlikdə və cihad zamanı səbir edənlərdir (mətin olanlardır). Onlar doğru danışanlardır (sözləri etiqadlarına uyğundur). Təqvalı olanlar da məhz onlardır. Ey iman gətirənlər! Öldürülənlər haqqında sizin üçün qisas hökmü qərara alınmışdır: azada qarşılıq azad, qula qarşılıq qul, qadına qarşılıq qadın. (Din) qardaşı tərəfindən bir şey bağışlanmış (qisas hökmü qanbahasına çevrilmiş) şəxs yaxşı davranmalıdır. (Qan sahibi, qanbahası ödəyəni nəzərə almalıdır.) O (cinayətkar) da qanbahasını (qan sahiblərinə) yaxşılıqla ödəməlidir (laqeydlik etməməlidir). Bu, Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan sonra təcavüzkarlıq edəni ağrılı əzab gözləyir. Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat vardır. Bəlkə təqva yolunu tutasınız. Sizlərdən birini ölüm haqlayanda qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxınlarınıza (yaxın qohumlarınıza) verilməsi üçün layiqli vəsiyyət etməniz vacib edilmişdir. Bu, təqvalılar üzərində bir haqdır. Kim (vəsiyyəti) eşitdikdən sonra onu dəyişdirsə, günahı ancaq onu dəyişdirənlərin üzərinə düşür. Şübhəsiz ki, Allah eşidən və biləndir. —————————————————————————————————————– Qisas – cəmiyyətin təhlükəsizlik qarantı: Qeyd etmək lazımdır ki, İslam hər növ qisasın tərəfdarı deyil. Əksinə, qisas və əvəz çıxmağın müəyyən sərhədləri var. Bir qətl üçün onlarla qətl törədilməsi və ya bir qətlin əvəzini çıxmaq üçün bir tayfadan, qohum-əqrəbadan inqiqam alınması icazəli deyil. İslamdan qabaq Cahiliyyət dönəmində belə hallar çox baş verirdi. Hətta indi də dünyanın müxtəlif yerlərində, fərqli xalqlar arasında bu kimi ənənələr mövcuddur. Digər tərəfdən, məzlumun qanına önəm verməmək, öldürülənin qəyyumlarına “qisas və müdafiə hüququnuz yoxdur” demək olmaz. Çünki bu iş canilərə, fitnəkarlara meydan vermək, qatilləri sərbət buraxmaq, günahsızların qanının boşuna axıdılmasına göz yummaq, qisas hissinə və qan sahiblərinin qəlbinin ovundurulmasına etinasızlıqdır. Hər iki davranış təhlükəlidir. Çünki birincisi cəmiyyətdə hərc-mərcliyə səbəb olur, ikincisi isə nəinki ədalətli sistemə uyğun deyil, heç məntiqlə də uzlaşmır. Buna görə də “qanı qanla yumaq olmaz” məntiqi doğru deyil. Əksinə, bir çox hallarda cinayətkarı və zalımı başqalarına dərs olsun deyə cəzalandırmaq lazımdır. Həzrət Əli (ə) buyurur: “Daşı gəldiyi yerə atın. Çünki şəri şər aparar”. Əgər İmam Səccadın (ə) qisas ayəsinin izahı ilə bağlı açıqlamalarına diqqət yetirsək, qisasın təqdirəlayiq faydalarının olduğunu görərik. İmam Səccad (ə) “qisasda sizin üçün həyat vardır” ayəsini oxyandan sonra buyurmuşdur: “Ey Peyğəmbər ümməti! Bilin ki, qisas sizin üçün və İslam cəmiyyəti üçün yaşam mənbəyidir. Çünki qətl fikrinə düşən şəxs bilsə ki, qatili də öldürəcəklər, ondan intiqam alacaqlar, mütləq bu şeytani fikrindən daşınaraq öldürməkdən yayınacaq. Deməli, qisas qanunu ilk növbədə sui-qəsd olunacaq adamın həyatını qurtarır, onun qətlinə mane olur. İkincisi, cinayətkarın öz yaşamını xilas edir. Çünki qarşı tərəfi öldürərsə, o da qisas nəticəsində öldürüləcək. Amma qisas qorxusundan bu əmələ bulaşmır. Üçüncüsü isə başqalarının həyatını xilas edir. Xalq və cəmiyyətin toxunulmazlığını təmin edir. Çünki insanlar qisasın vacib olduğunu, mütləq icra olunacağını bildikdə qisas qorxusundan başqalarını qətlə yetirməyə cəsarət etmirlər”.[119] Bəzən vacib olan müstəhəb əməl: Vəsiyyət təkidli müstəhəb əməllərdən biridir ki, bəzən vacib olur. Misal üçün, insan ilahi əmrlərin icrasında, boynunda olan hüquqların ödənməsində səhlənkarlıq edibsə, yaxud onda kiminsə əmanəti varsa, vəsiyyət etmədikdə onların hüquqları pozula bilər. İrs qanununda yalnız müəyyən yaxın qohumlar pay ala bilirlər. Halbuki qohumlar və ya İslam cəmiyyətində maddi köməyə zəruri ehtiyacı olan fərdlər, yaxud irs payı maddi ehtiyacını qarşılayacaq miqdarda olmayan varislər ola bilər. Bu baxımdan İslam irs qanunu ilə yanaşı vəsiyyət qanununu da vermişdir ki, müsəlmanlara ölüm sonrası üçün öz mallarının üçdə biri haqqında qərar qəbul edə bilsinlər. İslam rəvayətlərində vəsiyyət çox təkidlə tövsiyə olunmuşdur. O cümlədən Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Müsəlmana yaraşmaz ki, gecə vəsiyyətnaməsi başının altında olmadan yatsın”. Əlbəttə, “başının altında olması” ifadəsi təkid üçündür. Məqsəd vəsiyyətin yazılması, hazır olmasıdır. Digər rəvayətdə isə oxuyuruq: “Vəsiyyətsiz dünyadan gedənin ölümü Cahiliyyət ölümüdür”. Vəsiyyətin zəruri olmasından əlavə onun ədalətli olması da çox təkid olunmuşdur ki, kimsəyə ziyan dəyməsin. İmam Baqir (ə) buyurur: “Kim vəsiyyətində ədalətə riayət etsə, sanki həmin malı özü sağ ikən Allah yolunda sərf etmişdir. Vəsiyyətində zülm və haqsızlıq edən isə Qiyamət günü Allah qarşısına çıxdıqda Allah ondan üz döndərəcək”.[120] Hər kəs vəsiyyət edənin yanılmasından (varislər arasında fərq qoymasından) və ya günah işləməsindən (günah işi vəsiyyət etməsindən) qorxub, onların arasını düzəltsə, ona heç bir günah yazılmaz (o vəsiyyəti dəyişdirmiş sayılmaz). Allah bağışlayan və mehribandır. Ey iman gətirənlər! Oruc, sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, təqvalı olasınız. Bir neçə müəyyən gün (oruc tutmalısınız). Sizdən xəstə və ya səfərdə olanlar başqa günlərdə bir neçə gün (oruc tutsunlar). Oruc tutmağa taqəti olmayanlar (xəstələr, qoca kişi və qadınlar) isə bir yoxsulu doyuracaq qədər fidyə versinlər. Kim xeyir iş görsə, bu, onun üçün daha yaxşıdır. Oruc tutmaq sizin üçün daha yaxşıdır, əgər bilsəniz. (Oruc tutmaq üçün nəzərdə tutulan bir neçə gün) ramazan ayıdır. O, Quranın insanları doğru yola yönəldən, hidayət nişanələri və haqqı batildən ayıran olaraq nazil edildiyi aydır. Sizdən ramazan ayına şahid olanlar (vətənində olanlar) oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə (onun yerinə) başqa günlərdə (tutsunlar). Allah sizin üçün çətinlik yox, asanlıq (rahatlıq) istəyir. (Məqsəd budur ki,) bu günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyi üçün Onu uca tutasnız. Bəlkə şükür edəsiniz. Bəndələrim Məni səndən soruşanda (de ki,) Mən (onlara) yaxınam. Məni çağıranda çağıranın səsinə səs verirəm. Onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yolu tapsınlar (məqsədə çatsınlar). —————————————————————————————————————– Oruc – kamilliyə və mənəviyyata çatmağın ən təsirli yolu: Oruc ən böyük İslam ayinlərindən, məsumların (ə) buyurduğuna görə, İslamın, üzərində qurulduğu beş təməldən biridir.[121] Əlbəttə, bu ibadət növü İslam ümmətinə məxsus deyil. İslamdan qabaqkı ümmətlərdə də ilin müəyyən günləri müxtəlif şəkillərdə oruc tutulurmuş. Misal üçün, ət orucu, süd orucu, yemək və içmək orucu və s. Quranda da “Məryəm” surəsində həzrət Məryəmin sükut orucuna işarə vurulmuşdur. Orucun fəziləti ilə bağlı çoxlu sayda rəvayət nəql olunmuşdur. Bu ayə özü də orucun fəzilətinə aydın dəlildir. Çünki ayənin sonunda orucun faydasının “təqva” olduğu bildirilir. Bu təqva orucla, yemək-içməkdən pəhriz etməklə, cinsi meyllərini cilovlamaqla əldə olunur. Başqa sözlə, kamilliyə və mənəviyyata qovuşmağın ən yaxın yoludur. Bir hədisi-qüdsidə oxuyuruq: “Oruc Mənə məxsusdur, onun mükafatını da Mən Özüm verəcəyəm”. Bəzi təfsirçilər bu hədisi izah edərkən bildirmişlər: “Oruc yeganə ibadətdir ki, insan özü bildirməsə, heç kim oruc olduğunu bilməz. Digər ibadətlərdə isə belə deyil. Onları hamı görür və bu ibadətdə riyaya səbəb ola bilər. Buna görə də Allah “oruc Mənə məxsusdur”, deyə buyurmuşdur”.[122] Quranın nazil olduğu ay və ilahi ziyafət: Ramazan ayı qəməri təqviminin 9-cu və Quranda adı çəkilən yeganə aydır. Ramazan ayının ən mühüm fəzilətlərindən biri budur ki, səmavi kitablar – Tövrat, İncil, Zəbur və Quran bu ayda nazil edilmişdir. Tarixi qaynaqlara görə, Peyğəmbər (s) şaban ayının son günlüyündə səhabələrini ramazan ayını qarşılamağa hazırlamaq üçün xütbə oxumuşdur. Həzrət (s) bu ayın önəmini belə açıqlamışdır: “Ey camaat! Allahın ayı öz bərəkət, əfv və rəhmətilə sizə üz tutmuşdur. Bu ay Allah yanında ayların ən yaxşısıdır. Onun günləri günlərin, gecələri gecələrin, saatları isə saatların ən yaxşısıdır. Bu, elə bir aydır ki, Allahın qonaqlığına dəvət olunmusunuz və Allah tərəfindən hörmət göstərilənlərdən olmusunuz. Bu ayda sizin nəfəslərinizin Allahı mədh etmək, yuxularınızın ibadət savabı var. Bu ayda əməlləriniz qəbul, dualarınız müstəcabdır. Bədbəxt o adamdır ki, bu ayda Allahın əfvindən məhrum olsun”.[123] Duanın qəbul olunma şərtləri: Bu ayə Allahın bəndələrinə lütfü və məhəbbəti ilə doludur. Allah bu ayədə Öz adından danışmış, yeddi dəfə birinci şəxs əvəzliyindən (altı dəfə bitişən əvəzlik, bir dəfə isə birinci şəxsə olan feildən) istifadə etmişdir. “Mənim bəndələrim”, “Mənim haqqımda”, “Mən yaxınam”, “Məni çağıranda”, “cavab verirəm” (səs verirəm), “çağırışımı”, “Mənə iman gətirsinlər”. Quranın heç bir yerində belə bir ayə tapmaq olmaz. Allah bu ayədə duanın qəbul olunması üçün əsaslı bir şərt göstərərək buyurur: “Məni çağıranda”. Yəni, dua edənin, Məni çağıranın duası, çağırışı ürəkdən gəlməlidir. Yalnız dildə olmalı deyil. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Allah unutqan qəlbin duasını qəbul etmir”. Həmçinin bəndə dua edərkən öz hacətini həqiqətən Allahdan istəməlidir. Digərlərini Allah yanında kiçik sanmalıdır. Məxluqatı vasitə hesab etsə də, ilkin səbəbin Allah olduğunu bilməlidir. Hədisi-qüdsidə deyilir: “Kim Məndən başqasına tapınarsa, göylərdəki və yerdəki bütün qapıları onun üzünə bağlayaram. Məndən bir şey istəsə, ona vermərəm. Məni səsləsə, ona cavab vermərəm. Elə bir məxluq yoxdur ki, Mənə tapınsın, göyləri və yeri onun ruzisinə zamin etməyim. O, Məni çağırsa, cavab verəcəyəm, Məndən bir şey istəsə, verəcəyəm. Məndən bağışlanmaq istəsə, onu bağışlayacağam”.[124] Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız. (Hər ikiniz bir-birinizin zinəti və qoruyucususunuz.) Allah sizin özünüzə xəyanət etdiyinizi (bu yasaq edilmiş işi gördüyünüzü) bilirdi. Elə buna görə də tövbələrinizi qəbul etdi və sizi bağışladı. İndi onlara yaxınlaşın, Allahın sizin üçün təyin etdiyini onlardan istəyin. Sübhün ağ sapı (gecənin) qara sap(ın)dan seçilincəyə qədər yeyin, için. Sonra gecəyə qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman onlarla yaxınlıq etməyin. Bunlar Allahın sərhədləridir, bunlara yaxınlaşmayın. Allah insanlara ayələrini bu cür açıqlayır ki, bəlkə, təqvalı olsunlar. Mallarınızı öz aranızda haqsız olaraq yeməyin. Xalqın malının bir qismini günah yolu ilə yeyəsiniz deyə bilə-bilə (rüşvət olaraq) hakimlərə verməyin. Səndən yeni doğan aylar barəsində soruşurlar. De: “Bunlar insanlar(ın həyatını tənzimləmək) və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz deyil. Əksinə, yaxşı əməl (sahibi) təqvalı olandır. Evlərə qapılarından daxil olun və təqva yolunu tutun ki, nicat tapasınız. Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevmir. —————————————————————————————————————– Orucun vacib edilməsi haqqında bir neçə söz: Rəvayətlərdən aydın olur ki, oruc hökmü ilk dəfə nazil edildikdə müsəlmanların yalnız gecə yatmazdan öncə yemək hüququ var idi. Belə ki, kimsə gecə yuxuya gedib, sonra ayılsaydı, yemək və içmək ona haram idi. Həmçinin o zaman ramazan ayında qadınlarla yaxınlıq etmək mütləq şəkildə – gecə də, gündüz də haram idi. Bəlkə də bu hökm müsəlmanlar üçün sınaq və onların oruc hökmlərini qəbul etməsi üçün hazırlıq vasitəsi idi. Peyğəmbərin (s) Xəvvat ibn Cübeyr adlı yaşlı və zəif səhabəsi bacarmadığı halda oruc tutur, (Əhzab döyüşü ərəfəsində) gündüzlər Peyğəmbər (s) və digər müsəlmanlarla birgə xəndək qazırdı. Bir gün iftar zamanı evə daxil oldu. Həyat yoldaşı iftar üçün yemək hazırladı. Lakin o yorğunluqdan yuxuya getdi. Yuxudan ayıldıqda dedi: “Mənim artıq iftar haqqım yoxdur”. Gecəni bu şəkildə ac keçirdi. Səhər Mədinə ətrafında xəndək qazmağa getdi. Qazıntı işlərini davam etdirərkən zəiflikdən və ifrat aclıqdan huşunu itirdi. Peyğəmbər (s) başının üzərinə gəldi. Onun vəziyyətini görüb təsirləndi. Digər tərəfdən bəzi müsəlman gənclər də özlərini qorumaq iqtidarında deyildilər və ramazan ayı gecələrində qadınları ilə yaxınlıq edirdilər. Bu vaxt ayə nazil oldu. Müsəlmanlara ramazan ayı gecələrində yeməyə və qadınları ilə yaxınlıq etməyə icazə verdi.[125] Bir-biriniz üçün gözəl libas: Bu ayədə qadın və kişi bir-biri üçün libasa bənzədilmişdir. Libas bir tərəfdən insanı istidən, soyuqdan, digər əşyalara toxunmaqdan qoruyur, bir tərəfdən isə onun eyiblərini örtür. Digər tərəfdən də insan bədəni üçün zinətdir. Ayədə sözügedən bu bənzətmə və incə metafora bütün bu məqamları ehtiva edir. Həyat yoldaşları bir-birini yanılmaqdan, fəsada aludə olmaqdan qoruyur, bir-birinin eyblərini örtür, digər tərəfdən isə bir-birinin təskinlik səbəbidirlər və hər biri digərinin zinəti hesab olunur. Bu ifadə qadın və kişinin son dərəcə mənəvi əlaqəsini, bir-birinə yaxınlığını, həmçinin onların bu sahədə bərabər olmasını tam olaraq açıqlayır. Çünki heç bir fərq qoyulmadan qadınlar haqqında da kişilər haqqında işlənən ifadə işlənmişdir.[126] Rüşvət – böyük və çirkin günah: Rüşvət, ən böyük və ən çirkin günahlardan biridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Məhkəmədə rüşvət Allaha küfr etməkdir”. Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: “Allah rüşvəti alana, verənə və onların arasında vasitəçilik edənə lənət etmişdir”. Əlbəttə, bu günahın iyrəncliyi ona aludə olanların onu hədiyyə, zəhmət haqqı, hörmət və s. aldadıcı adlar altında gizlətməsinə səbəb olmuşdur. Amma məlumdur ki, adların dəyişməsi rüşvətin mahiyyətini dəyişmir. Hər halda bu yolla alınan pul haram və qanunsuzdur. Peyğəmbərin (s) həyat tarixində oxuyuruq ki, bir gün ona hakimlərindən birinin hədiyyə adı altında rüşvət aldığını xəbər verirlər. Həzrət (s) çox narahat olur və buyurur: “Siz evdə otursanız, mənim tərəfimdən hakim təyin edilməsəniz, insanlar yenə də sizə hədiyyə verəcəklər?” Sonra həmin hədiyyənin ondan alınıb, beytülmala qatılmasını tapşırdı və onu vəzifəsindən uzaqlaşdırdı.[127] Onları (heç bir cinayətdən çəkinməyən bütpərəstləri) harada tapsanız, öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (və bütpərəstlik) qətldən daha pisdir. Onlar sizinlə Məscidül-həram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə (orada) vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar (döyüşə) son qoysalar, şübhəsiz, Allah bağışlayan və mehribandır. Fitnə (bütpərəstlik və əsarət) aradan qalxana qədər və din yalnız Allaha məxsus olanadək onlarla vuruşun. Əgər onlar (yanlış hərəkətlərə) son qoysalar, (onları sıxışdırmayın, çünki) düşmənçilik yalnız zülm edənlərə qarşı olur. Haram ay qarşısında haram ay! (Əgər düşmənlər ayın hörmətini sındırsalar və sizinlə döyüşsələr, siz də onlarla vuruşmaq haqqına maliksiniz.) Bütün haramların qisasını almaq olar. Sizə qarşı həddi aşanlara qarşı siz də həmin ölçüdə həddi aşın. Allahdan çəkinin (təqvalı olun, ifrata varmayın) və bilin ki, Allah təqvalılarladır. (Malınızı) Allah yolunda xərcləyin və öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir. Həcc və ümrə (əməllərini) Allaha görə tamamlayın. Əgər qarşınız kəsilsə (qorxu və ya xəstəlik kimi maneələr səbəbilə ehram bağlayandan sonra Məkkəyə daxil ola bilməsəniz), (sizə) müyəssər olan bir qurbanlıq (kəsin və ehramdan çıxın), qurbanlıq öz yerinə çatıncaya (kəsilincəyə) qədər başınızı qırxmayın. Əgər sizdən xəstələnən, yaxud başında narahatlıq olan olsa (və başını qırxmaq məcburiyyətində qalsa), fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Xəstəlik və düşməndən) amanda olduğunuzda isə ümrəni bitirib həccə başlayan şəxs ona müyəssər olan bir qurban kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar ki, bu da tam on gün edir. (Əlbəttə,) bu, ailəsi Məscidül-həramda (Məkkə və ətrafında) yaşamayanlara aiddir. Allahdan çəkinin və bilin ki, Allahın cəzası ağırdır. —————————————————————————————————————– Fitnə – qətldən daha pis: “Fitnə” sözü əslində qızılı oda atıb, yaxşısını pisindən, bəzilərinə görə isə xalisini qatqısından ayırmaqdır. “Fitnə” və eyni kökdən törəyən sözlər Quranda altmış dəfə qeyd olunmuş və müxtəlif mənalarda işlənmişdir. Bəzən sınaq və imtahan (“Ənkəbut”, 2), bəzən aldatmaq (“Əraf”, 27), bəzən bəla və əzab (“Zariyat”, 13), bəzən azğınlıq (“Maidə” 41), bəzən də bütpərəstlik və ya iman gətirənlərin yoluna çəkilən sədd, maneə mənasında (sözügedən ayədə olduğu kimi) işlənmişdir. Amma güman ki, bütün bu mənalar “fitnə”nin ilkin mənası ilə əlaqədardır. Çünki bu söz lüğət mənası etibarilə qızılı oda atıb, yaxşısını pisindən, xalisini qatqısından ayırmağı bildirir, bir növ təzyiq və şiddət olan bütün mənalarda işlənir. Misal üçün, imtahan mənasında adətən təzyiq və çətinliklər var. Əzab mənasında bir növ şiddət və təzyiq var. Aldatmaq, hiylə təzyiq altında həyata keçirilir. Eləcə də şirk və insanların hidayəti üçün maneə törətməyin hər biri bir növ təzyiq və basqı ifadə edir. Qısası, bütpərəstlik və ondan irəli gələn müxtəlif fərdi və ictimai günahlar Məkkədə yayılmış, Allahın təhlükəsiz hərəmini aludə etmiş, ondan törəyən fəsadlar qətldən də çox olmuşdur. Bu ayədə deyilir ki, qan tökməkdən qorxub bütpərəstliklə mübarizədən çəkinməyin. Çünki bütpərəstlik qətldən də pisdir.[128] Kəbə və Məscidül-həramın ətrafı: Kəbə ətrafına ona görə Məscidül-həram deyilir ki, Allah bəzi şeyləri orada haram, digər yerlərdə isə halal etmişdir. Məscidül-hərama ehramsız girmək də bu qəbildəndir. Kim Məscidül-hərama daxil olmaq istəsə, öncə ehram bağlamalıdır. Həmçinin orada – müdafiə istisna olmaqla – döyüş və qan tökmək haramdır. Haram aylara bu adın verilməsinin də səbəbi budur. Çünki o aylarda – müdafiə istisna olmaqla – müharibə və qan tökmək haramdır.[129] Allah yolunda xərcləmək (infaq) – cəmiyyətin tənəzzüldən xilas olması üçün bir yol: Təfsirçilərə görə, “(malınızı) Allah yolunda xərcləyin” və “öz əlinizlə özünüzü təhlükəyə atmayın” cümlələri arasında əlaqə budur ki, Allah yolunda xərcləmək cəmiyyətin tənəzzülünün, fəlakətə sürüklənməsinin qarşısını alır. Çünki öz malından Allah yolunda xərcləmək unudulsa, sərvət müəyyən bir qrupun əlində toplansa, onun qarşısında əksəriyyət səfalət içində yaşasa, çox keçməyəcək ki, cəmiyyətdə böyük bir partlayış baş verəcək. Böyük sərvət sahiblərinin də canı, malı bu partlayışda yanacaq. Buradan da Allah yolunda xərcləmək və təhlükənin qarşısının alınması arasındakı fərq aydın olur. Buna görə də öz malından Allah yolunda yoxsullara vermək yoxsular üçün faydalı olduğu kimi sərvət sahibləri üçün də faydalıdır. Bəzi təfsirçilərin təbirincə, malından Allah yolunda sərf etməmək həm insan ruhunun xəsislik səbəbilə ölməsinə gətirib çıxarır, həm də cəmiyyətin səfalətdən, yoxsulluqdan ölməsinə səbəb olur. Xüsusilə islam cəmiyyəti yaxşılıq üzərində qurulmuşdur. Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Malınızı zəkat verməklə qoruyun”.[130] Nəzərə almaq lazımdır ki, ayədə sözü gedən “infaq” kəlməsi geniş məna ifadə edir, zəkat və xums kimi vacib infaqları, eləcə də sədəqə kimi müstəhəb infaqları da ehtiva edir. Həcc, məyyən aylardadır. (Həmin aylarda ehram bağlamaqla və həcc əməllərinə başlamaqla) həcci özünə vacib edənlər (bilməlidirlər ki,) həcdə (qadınla) yaxınlıq, günah və mübahisə (icazəsi) yoxdur. Allah gördüyünüz hər bir yaxşı işi bilir. Azuqə tədarükü görün. Ən yaxşı azuqə isə təqvadır. Ey ağıl sahibləri, Məndən çəkinin. (Həcc mövsümündə) Rəbbinizin lütfündən (iqtisadi mənafe) diləməniz sizin üçün günah deyildir. (Çünki həccin faydalarından biri sağlam iqtisadıyyatın əsasının qoyulmasıdır.) Ərəfatdan qayıdarkən Məşərül-həramda Allahı yad edin. Bundan əvvəl (yolunu) azanlardan olduğunuz halda sizi doğru yola yönəltdiyi kimi, siz də Onu yad edin. Sonra camaatın döndüyü yerdən siz də (Minaya) dönün. Allahdan bağışlanma diləyin, şübhəsiz, Allah bağışlayan və mehribandır. (Həcc) əməllərinizi bitirdikdə (vaxtilə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da artıq Allahı yad edin.(Həcc mərasimində insanlar iki dəstədirlər:) İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə (verəcəyin gözəl nemətləri) elə dünyada ver!” – deyirlər. Belələrinin axirətdə heç bir payı yoxdur. Bəziləri isə: “Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi od (Cəhənnəm) əzabından qoru!” – deyirlər. Onlar qazandıqlarından (və dualarından) nəsiblərini alacaqlar. Allah tez haqq-hesab çəkəndir. —————————————————————————————————————- Ən yaxşı azuqə: Bəzi təfsirçilərə görə, bu ayə Peyğəmbər (s) dönəmində müəyyən insanlar haqqında nazil olmuşdur. Belə ki, onlar Allah evini ziyarət üçün yola düşdükdə özləri ilə heç bir yol azuqəsi götürmürdülər. Azuqə götürəndə də ehram zamanı onu kənara atır və deyirdilər: “Biz Allahın evini ziyarətə gedirik. Necə ola bilər ki, bizə yemək verməsin?” Bəzən elə hallar olurdu ki, azuqələrini atdıqları üçün zəhmətə düşür, dilənçilik etməyə məcbur olurdular. Quran bu yanlış düşüncəni rədd edir və bildirir ki, özünüz üçün azuqə götürün. Amma eyni halda onları daha mühüm mənəvi bir mövzuya yönəldir və bildirir ki, bu azuqədən başqa digər azuqə də var və onu axirət səfəri üçün hazırlamaq lazımdır. Bu azuqə təqvadır.[131] “Təqva” “viqayə” kökündən olub, bu və ya digər şeyi ona ziyan vuracaq məsələlərdən qorumaq mənasını ifadə edir. Başqa sözlə, təqva insanı ehtiras tüğyanından qoruyan daxili nəzarət gücüdür və insanı uçurumdan saxlayan güclü əyləc rolunu oynayır, təhlükəli sürətin qarşısını alır.[132] Həzrət Əli (ə) buyurur: “Ey Allahın bəndələri! Bilin ki, təqva möhkəm və yenilməz bir qaladır”.[133] Başqa bir kəlamında buyurur: “Bilin ki, günahlar yüyəni qırmış azğın atlara bənzər ki, ona minən günahkarları od-alova atar. Təqva və günahdan çəkinmək isə ovsarı sahibinin əlində olan ram edilmiş dəvələrə bənzər. Onlara minənləri Cənnətə daxil edərlər”.[134] Dünyada yoxsa, yoxsa Allah rizası: Allah öncəki və bu ayədə insanları iki dəstəyə bölür: Birinci dəstə dünyadan başqa bir şey istəmir və buna görə də axirətdə pay almayacaq. İkinci dəstə Allahdan “həsənə” istəyir. Bəzi təfsriçilərə görə, bu ayədə “həsənə” Allahın razılığını bildirir. Yəni, ikinci dəstənin istədiyi onları və nəfsani meyllərini razı salmaq yox, Allah rizasıdır. Rəvayətlərdə “həsənə”nin bir çox nümunələri bəyan olunmuşdur. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə deyilir: “(“Həsənə”də məqsəd) axirətdə Allah rızası, Cənnət, dünyada isə bol ruzi, gözəl əxlaqdır”.[135] Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə isə oxuyuruq: “Allah şükür edən qəlb, Onun zikrinə məşğul olan dil, dünya və axirət işlərində kömək edən imanlı həyat yoldaşı verdiyi kimsəyə dünya və axirətdə “həsənə” vermiş, onu Cəhənnəm əzabından qorumuşdur”.[136] Əlbəttə, yuxarıda da qeyd etdiyimiz kimi, bu rəvayətlərdə sadəcə “həsənə” anlayışının real nümunələri əks olunur. Ayənin məqsədi isə geniş mənada yaxşılıq, gözəl nemətlərdir.[137] Müəyyən günlərdə (zilhiccə ayının 11, 12 və 13-cü günləri) Allahı yad edin. Kim tələssə və (Allahı) iki gündə (yad) etsə, onun üçün heç bir günah yoxdur. Kim yubansa (üç gündə yad etsə,) (onun da) heç bir günahı yoxdur. (Bu,) Allahdan çəkinənlər (təqvalı olanlar) üçündür. Allahdan çəkinin (təqvalı olun) və bilin ki, Onun hüzuruna toplanacaqsınız. İnsanların eləsi vardır ki, onun dünya həyatında danışdığı sözlər səni heyrətə salır (zahirdə sənə sevgisini bildirir) və qəlbində olana Allahı şahid göstərir. Halbuki o, düşmənlərin ən qatısıdır. O, dönüb getdikdə (sənin yanından çıxıb gedən kimi) yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışır. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” – deyildiyi zaman (inadı çoxalır,) inad və təəsüb onu günaha sürükləyir. Ona Cəhənnəm kifayətdir. Ora nə pis yerdir! İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq üçün canını verir (həzrət Əli (ə) kimi hicrət gecəsi Peyğəmbərin (s) yerində yatmaqla iman və fədakarlıq nümayiş etdirir, Allah rizası üçün öz canından keçir). Allah öz bəndələrinə qarşı mehribandır. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin! Şeytanın izi ilə getməyin, çünki o, sizin açıq-aydın düşməninizdir. Əgər sizə (bu qədər) aydın nişanələr gəldikdən sonra yenə də doğru yoldan azsanız, o zaman bilin ki, (Allahın ədalətindən qaça bilməyəcəksiniz). Çünki Allah qüdrətli və hikmətlidir. Yoxsa (Şeytanın izi ilə gedənlər bu qədər aydın nişanələrdən sonra) Allah və mələklərin bulud kölgəsində onlara doğru gəlməsini (və yeni dəlillər göstərməsini) gözləyirlər? (Halbuki bu, mümkün deyil.) Bütün işlər görülmüşdür və şübhəsiz ki, bütün işlər Allaha qaytarılacaqdır. —————————————————————————————————————– “Təşriq” günlərində Allahı yada salmağın qaydası: İslam hədislərində “Təşriq” günlərində (zilhiccə ayının 11, 12 və 13-cü günləri) Allahı yad etmək haqqında bildirilir ki, Qurban bayramı gününün zöhr namazından başlayıb 13-cü günün sübh namazınadək davam edən on beş namazdan sonra bu ilhamverici sözlər təkrarlanmalıdır: “Allahu əkbər, Allahu əkbər, la ilahə illəllahu vəllahu əkbər və lillahil-həmd, Allahu əkbəru əla ma hədana, Allahu əkbəru əla ma rəzəqəna min bəhimətil-ənam”. Rəvayətlərə görə, ayədə “Allahdan çəkinənlər” ifadəsində məqsəd ovdan çəkinməkdir. Yəni, ehram halında ovdan və ya ehramda olanlara haram olan digər şeylərdən çəkinənlər Qurban bayramından sonra iki gün Minada qala və Allahı yad edə bilərlər. Amma bu işlərdən çəkinməyənlər üç gün qalmalı və ona məxsus ayini həyata keçirməlidirlər.[138] Allahın lütfündən bir nişanə: (“İnsanlardan” ifadəsi ilə başlayan) 204 və 205-ci ayələrdə söhbət o dönəmdə günahları ilə fəxr edənlərdən gedir. Hansılar ki, zahirdə sülhdən, Peyğəmbərlə (s) dostluqdan, ona sevgidən dəm vurur, ürəklərində isə düşmənçilik planları qururdular. Davranışları da din və insanlığa fitnə-fəsad və fəlakətdən başqa bir nəticə vermirdi. Bu ayə də “insanlardan” ifadəsi ilə başlayır və ondan aydın olur ki, söhbət sözügedən qrupun qarşı tərəfindən gedir. Yəni, o qınanan dəstənin müqabilində elələri də vardır ki, öz canlarını Allah rizası uğrunda fəda edirlər. Onların bütün arzu və istəkləri Allahın rizasını qazanmaqdır. Allah onların vasitəsi ilə din və dünyanı islah edir, haqqı dirçəldir. İnsanların həyatını pak-pakizə və valehedici edir. Bu yolla bəşəriyyət İslamın bərəkətindən faydalanır. Buradan aydın olur ki, nə üçün ayənin sonunda “Allah Öz bəndələrinə qarşı mehribandır” deyilir. Çünki insanlar arasında belə insanların olması Allahın Öz bəndələrinə xüsusi lütfü və mehribanlığının nümunələrindəndir. Əgər elə fitnə-fəsad törədən və münafiq düşmənlərə qarşılıq belə insanlar olmasa, dinin əsasları sarsılar. Allah hər zaman düşmənlərinin fəsadlarını dostlarının islahatı ilə aradan qaldırır. Belə ki, bu surənin 251-ci ayəsində oxuyuruq: “Əgər Allah insanların bir qismini, digərləri ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada uğrayardı“. Bir çox şiə və sünni rəvayətlərində nəql olunduğuna görə, bu ayə həzrət Əli (ə) haqqında nazil olmuşdur. Müşriklər Peyğəmbəri (s) qətlə yetirmək istədikləri gecə o həzrət (s) Məkkəni tərk edib, Mədinəyə hicrət etmək qərarına gəldi. Həzrət Əli (ə) isə onun yerində yatdı və həyatını təhlükəyə atdı. Əslində canını Allah rizası uğrunda fəda etdi.[139] İman sayəsində sülh və əmin-amanlıq: “Silm” sülh və əmin-amanlıq deməkdir. Bu ayədən aydın olur ki, sülh və əmin-amanlıq yalnız Allaha iman sayəsində mümkündür. Çünki maddi aləm və ona bağlılıq çəkişmələrin mənşəyidir. Əgər mənəvi iman gücü insanı cilovlamasa, sülhə nail olmaq qeyri-mümkündür. Bu ayənin ümumi dəvətindən, bütün möminləri irq, dil, coğrafi məkan və ictimai təbəqəsindən asılı olmayaraq sülhə, əmin-amanlığa çağırmasından aydın olur ki, hər nöqtəsində sülh və əmin-amanlığın hakim olacağı vahid cahanşümul hakimiyyətin qurulması yalnız Allaha iman nəticəsində mümkündür. Prinsipcə, (dil, irq və s. kimi) təfriqə amilləri müqabilində insanların ürəkləri arasında möhkəm birləşdirici bağ lazımdır və bu birləşdirici bağ yalnız bütün bu ixtilafların fövqündə duran Allaha imandan ibarətdir. İman sayəsində sülh və əmin-amanlıq əzəmətli həcc mərasimində ən yaxşı şəkildə müşahidə oluna bilər. Orada bütün müsəlmanlar – hansı irqə, hansı regiona mənsub olmasından asılı olmayaraq – tam təhlükəsiz, aram bir vəziyyətdə Allaha ibadət edirlər. Allaha ibadətin nəticəsində hər növ ixtilaf və fərq gizli qalır.[140] İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə “silm” sözü həzrət Əlinin (ə) və digər məsum imamların (ə) imamət və vilayəti kimi izah olunur. Çünki imamət də İslam ümmətinin vəhdətinin əsasını təşkil edən başlıca amil ola bilər. Əgər Peyğəmbərdən (s) sonra bütün müsəlmanlar bu möhkəm və yenilməz qalaya daxil olsaydılar, İslam düşmənləri İslam diyarında – Siffeyn, Cəməl və Nəhrəvan döyüşləri kimi – saysız faciələr törədə bilməzdilər.[141] İsrail oğullarından soruş ki, Biz onlara nə qədər aydın nişanələr verdik. (Amma onlar Allahın bəxş etdiyi maddi və mənəvi imkanlardan yanlış yolda istifadə etdilər.) Allahın neməti verildikdən sonra onu dəyişdirənlər (yanlış yolda istifadə edənlər ağır ilahi əzabla cəzalandırılacaqlar). Allahın əzabı ağırdır. Dünya həyatı kafirlər üçün zinətləndirilmişdir. (Buna görə də bəzən yoxsul olan) iman gətirənləri ələ salırlar. Halbuki, təqvalılar Qiyamət günü onlardan üstündürlər. (Çünki gerçək dəyərlər orada üzə çıxacaq.) Allah istədiyi kəsə saysız-hesabsız ruzi verir. İnsanlar (başlanğıcda) tək bir ümmət idilər. (Onların arasında ziddiyyət yox idi. Zaman keçdikcə cəmiyyətlər, təbəqələr yarandı və onların arasında ixtilaf və ikitirəlk əmələ gəldi. Belə olduqda) Allah onlara müjdə verən və onları qorxudan peyğəmbərlər göndərdi, insanlar arasındakı ixtilafları ayırd etmək üçün peyğəmbərlərlə birlikdə haqqa çağıran kitab nazil etdi. (İman gətirənlər onda ixtilafa düşmədilər). Yalnız (kitab) verilənlər və aşkar nişanələr göstərilənlər haqdan yayındıqları və zülm etdikləri üçün ixtilafa düşdülər. Allah iman gətirənləri Öz əmri ilə ixtilafda olduqları (məsələlərdə) haqqa yönəltdi. (İman gətirməyənlər isə azğınlıq və ixtilafda qaldılar.) Allah istədiyini düz yola yönəldir. Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş Cənnətə daxil olacağınızımı sanırsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və ona iman gətirənlər: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər. (Kömək istədikdə onlara deyildi: ) Bilin ki, Allahın köməyi yaxındır. Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və yolda qalan müsafirlərə məxsusdur. Şübhəsiz, Allah etdiyiniz hər bir xeyir işdən xəbərdardır. (Təzahür etməyə ehtiyac yoxdur, O bilir) —————————————————————————————————————– İlk şəriət sahibi olan peyğəmbər: Məsumlardan (ə) gələn rəvayətlərə görə, din gəlməsi həzrət Nuhdan (ə) sonra baş vermişdir. Ayədə sözügedən “insanlar (başlanğıcda) tək bir ümmət idi” ibarəsi də o həzrətdən (ə) öncəyə aiddir. O zaman insanlar ilahi fitrətə uyğun yaşayırdılar. Nübüvvətdən, peyğəmbərlikdən və dindən əsər-əlamət yox idi. Digər Quran ayələri də bu məsələni təsdiqləyir.[142] Çətinliklərin acı zahiri və şirin batini: Bəzi təfsirçilərə görə, müsəlmanlar Ühüd döyüşündə məğlub olduqdan sonra – Mədinə münafiqlərindən olan – Abdullah ibn Übey onlara dedi: “Nə zamana qədər özünüzü ölümə verəcəksiniz?” Əgər Məhəmməd (s) peyğəmbər olsaydı, Allah onun tərəfində olanları əsarətə düşməyə, qətlə yetirilməyə qoymazdı. Bu zaman sözügedən ayə nazil oldu. Bu ayədən aydın olur ki, bəzi möminlər Cənnətə daxil olmağın başlıca amilinin Allaha imanı bəlli etmək olduğunu düşünürlər. Onlara elə gəlir ki, imanı bəlli etdikdən sonra artıq heç bir çətinliyə, narahatlığa məruz qalmamalıdırlar. Çalışmadan, səy göstərmədən Allah bütün işlərini yoluna qoyacaq. Quran bu yanlış təfəkkürü rədd edir və aydınlaşdırır ki, əbədi səadətə və daimi Cənnətə nail olmaq üçün insanın çətinlik kürəsində polad kimi bərkiməsi, sınaqdan keçməsi və imanının aşkar olması lazımdır. Digər tərəfdən, çətinliklərdə ciddi-cəhdlə çalışmalı, bacarığını artırmalıdır. Bu halda Allahın yardımı da onun köməyinə gələcək. Rəvayətə görə, Xəbbab ibn Ərət adlı bir kişi – erkən İslam çağı mücahidlərindən olmuşdur – Peyğəmbərin (s) yanına gəlib müşriklərin verdiyi əzab-əziyyətdən gileyləndi. Həzrət (s) buyurdu: “Sizdən qabaqkı ümmətlər müxtəlif növ bəlalarla işkəncə olundular. Belə ki, onların bəzilərinin başını mişarlayıb iki yerə böldülər. Lakin bu, əsla onları dinlərindən yayındırmadı”.[143] Məsumlardan (ə) nəql olunan rəvayətlərdə deyilir: “Bəla və çətinliklər də Allahın mömin bəndəsinə verdiyi nemətdir. Çünki möminin çətinliyi onun Allaha daha çox təvəkkül etməsinə, yalvarmasına səbəb olur və beləcə o, Allaha daha da yaxınlaşır. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə deyilir: “Çoxlu bəla və çətinlik öz ardınca çoxlu savab və mükafat gətirir. Deməli, Allah bəndəsini sevdikdə, onu çoxlu çətinliklərlə qarşılaşdırır. Əgər kimsə Allahdan razı olsa, Allah da ondan razı qalır. Əgər kimsə Allaha qəzəblənsə, Allah da ona qəzəblənir”.[144] (Allah yolunda) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Çox zaman xoşlamadığınız bir şey sizin üçün xeyirli, çox zaman da xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz. Səndən haram ayda döyüş haqqında soruşurlar. De: “O ayda döyüşmək böyük günahdır. Lakin Allah yolunun (insanların haqq dinə yönəlməsinin) qarşısını almaq, onu inkar etmək, Məscidül-hərama hörmətsizlik etmək və sakinlərini (oradan) çıxarmaq Allah yanında daha böyük günahdır. Fitnə salmaq (insanları küfrə təşviq edən, imandan çəkindirən əlverişsiz mühit yaratmaq) isə qətldən daha böyük günahdır”. (Müşriklər) əgər bacarsalar, sizi dininizdən döndərincəyə qədər sizinlə vuruşmaqda davam edəcəklər. Sizdən hər kəs öz dinindən dönüb kafir olaraq ölsə, onun bütün (keçmiş) əməlləri dünya və axirətdə puç olar. Onlar Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar. Həqiqətən, iman gətirənlər, hicrət edənlər və Allah yolunda cihad edənlər Allahın mərhəmətinə ümidvardırlar. Allah bağışlayan və mehribandır. Səndən şərab və qumar haqqında soruşurlar. De: “Onlarda böyük günah və insanlar üçün (maddi) mənfəət vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”. Səndən (Allah yolunda) nə xərcləyəcəklərini soruşurlar. De: “Ehtiyacınızdan artıq qalanını!” Allah sizə ayələri bu cür açıqlayır ki, bəlkə, düşünəsiniz. —————————————————————————————————————- Şəriətin insanların həyat məsləhətlərinə uyğun olması: Allah bu ayədə qəti olaraq buyurur ki, insanlar özlərinin yaxşı və ya pis anlaşıylarına tabe olmamalıdırlar. Çünki onların biliyi hər baxımdan məhdud və dəyərsizdir. Onların bildiyi bilmədikləri qarşısında dəniz qarşısında bir damlanı xatırladır. İnsanlar Allahın yaradılış qanunlarında bütün şeylərin sirrindən xəbərdar olmadıqları, bəzən çox faydalı bir şeyi faydasız hesab etdikləri – elm inkişaf etdikcə onların önəmli faydalarından xəbərdar olduqları – kimi, şəriət qanunlarının da fayda və fəsadlarını bilmirlər. Buna görə də əslində onların səadətini təmin edəcək bir şey xoşlarına gəlməyə bilər. Yaxud, bədbəxtlikləri ilə nəticələnəcək bir şey xoşlarına gələ bilər. Onlar Allahın sonsuz biliyi qarşısında öz məhdud biliklərinə nəzərən ilahi hökmlər qarşısında qaşqabaq sallamamalıdırlar. Əksinə, bilməlidirlər ki, Rəhman və Rəhim Allah cihad və s. kimi çətin hökmlər qoymuşsa, bu, onların özlərinin xeyrinədir. Bu həqiqətə diqqət yetirmək ilahi qanunlar qarşısında insanda məsuliyyət və təslimçilik ruhu formalaşdırır. Onun idrakını, baxışını məhdud mühitdən daha yüksəyə qaldırır. Sonsuza, yəni Allahın sonsuz biliyinə bağlayır. Bu mövzu təkcə düşmənlə döyüş mövzusuna xas deyil. Əksinə, ümumi bir qanunun tərənnümüdür. İlahi göstərişlərin bütün zahiri çətinliklərini, acılıqlarını insan üçün asanlaşdırır.[145] Ümid: İlahi rəhmətə ümidvar olmaq, insan səadətinin başlıca amillərindən biridir. Çünki ümid insanın hərəkətə keçməsinə səbəb olur. Əlbəttə, bir mühüm məsələni qeyd etmək lazımdır ki, Quranın söhbət açdığı arzuolunan ümid məqsədin digər zəruri səbəbləri ilə birgə olan ümiddir. Yəni insan, qarşıya qoyduğu məqsədə çatmaq üçün lazımi səbəbləri, vasitələri təmin edib, sonra məqsədə çatmağı gözləməli, ona ümidvar olmalıdır. Misal üçün, münasib bir vaxtda yerini şumlayan, toxum səpən, vaxtlı-vaxtında sulayan, məhsula bu və digər ziyanın dəyməsinin qarşısını alan əkinçi bütün bu şərtlər mövcud olduğu halda, Allahın ona yaxşı məhsul verməsinə ümidvar olur. Əbədi səadətə və sonsuz ilahi rəhmətə çatmaq məsələsi də belədir. Əgər kimsə Allaha iman, layiqli əməl və ilahi təqva sahibi olsa, bu halda ilahi rəhmətə və mükafata da ümidvar olsa, o həqiqi ümid edəndir. Əks təqdirdə, ümid özünü aldatmaqdan başqa bir şey deyil. Necə ki, sözügedən ayə Allahın rəhmətinə ümidvar olmağı Ona inam, Onun yolunda cihad kimi dəyərləndirir.[146] Həzrət Əli (ə) bu haqda buyurur: “Allaha ümid edən şəxsin ümidi davranışından, əməlindən bilinir”.[147] (Bəlkə) dünya və axirət barəsində (düşünəsiniz). Səndən yetimlər haqqında soruşurlar. De: “Onların işlərini yoluna qoymaq yaxşıdır. Əgər öz həyatınızı onların həyatına qatırsınızsa, (eybi yoxdur), onlar sizin (din) qardaşlarınızdır (Onlarla bir qardaş kimi davranın)”. Allah islah (yaxşılıq) edənləri fəsad törədənlərdən ayırd edir. Əgər Allah istəsəydi, sizi əziyyətə salardı (və yetimlərə qəyyumluq etdiyiniz halda, onların mallarını bütünlüklə öz malınızdan ayırmağı əmr edərdi. Amma Allah belə etmir. Çünki) O, qüdrətli və hikmətlidir. Müşrik (və bütpərəst) qadınlar iman gətirməyincə, onlarla evlənməyin. (Hətta cariyələrlə evlənməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirmiş bir cariyə, (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) heyran olduğunuz (azad) müşrik bir qadından daha yaxşıdır. Həmçinin, müşrik kişilər Allaha iman gətirməyincə, mömin qadınları (onlara) ərə verməyin. (Hətta onları imanlı kölələrə ərə verməkdən başqa çıxış yolunuz olmasa belə. Çünki) Allaha iman gətirən bir kölə (gözəlliyinə, sərvətinə və ya ictimai mövqeyinə) məftun olduğunuz (azad) müşrik bir kişidən daha yaxşıdır. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırırlar. Allah isə sizi Öz fərmanı ilə Cənnətə, bağışlanmağa doğru səsləyir. O, Öz ayələrini insanlara açıqlayır ki, bəlkə, xatırlasınlar. Səndən heyz (aybaşı) barəsində soruşurlar. De: “Heyz əzab-əziyyətli bir haldır. (Buna görə də) heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə onlara Allahın sizə əmr etdiyi yerdən yaxınlaşın. Allah tövbə edənləri və pak olanları sevir.” Qadınlarınız sizin tarlanızdır. Elə isə istədiyiniz vaxt onlarla yaxınlıq edin. (Çalışın, bu fürsətdən istifadə edib ləyaqətli övladlar yetişdirməklə) özünüz üçün qabaqcadan (yaxşı əməllər) göndərəsiniz. Allahdan çəkinin və bilin ki, Onunla görüşəcəksiniz. Möminlərə müjdə ver. Yaxşılıq etmək, təqvalı olmaq (pis əməllərdən çəkinmək) və insanların arasını düzəltmək üçün Allahı andlarınıza hədəf etməyin. Allah eşidən və biləndir. —————————————————————————————————————– Zərurət yarandıqda yetimin malından istifadə etmək icazəsi: Bu ayənin nazilolma səbəbilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “İsra” surəsinin 33-cü və “Nisa” surəsinin 10-cu ayələri nazil olub, yetimlərin malına onların özünə xeyri olmadığı halda yaxın düşmək, onların malından yemək qəti qadağan edildikdə, evlərində yetim saxlayan ailələr onlara qəyyumluq etməkdən imtina etdilər və onları öz başlarına buraxdılar. Hətta bəziləri onları evlərindən çıxartdılar. Evdən çıxartmayanlar isə evdən çıxartmaqdan betər bir vəziyyət yaratdılar. Çünki öz mallarından hazırladıqları xörəyə onların malından qatmırdılar. Hətta onlar üçün ayrıca yemək hazırlayırdılar. Yetim yeməyi yeyəndən sonra artıq qalanını onun üçün saxlayırdılar ki, sonra yesin. Yemək xarab olanda isə onu atırdılar. Bütün bunlar ona görə idi ki, yetimin malını yemək məsuliyyətindən canlarını qurtarsınlar. Bu vəziyyət həm qəyyumlar, həm də yetimlər üçün çoxlu problemlər yaratdı. Buna görə də Peyğəmbərin (s) yanına gəlib bu haqda soruşdular. Onlara cavab olaraq bu ayə nazil oldu və müsəlmanlara bildirildi ki, yetimlərin qəyyumluğundan imtina etmək, onları özbaşına buraxmaq düzgün iş deyil. Yaxşısı budur ki, onların qəyyumluğunu qəbul edin. Onların işlərini yoluna qoyun və qaydaya salın. Əgər onların malı sizin malınıza qarışsa, eybi yoxdur. Sizin məqsədiniz işləri yoluna qoymaq olduqda, onlarla br qardaş kimi davranın.[148] Müşriklərlə evlənmək qadağası: Bu ayə müşriklərlə ailə qurmağın qadağan olunması səbəbini onların insanı Cəhənnəmə çağırmasında görür. Bu önəmli məsələyə diqqət yetirmək lazımdır ki, müşriklərlə müştərək həyat qurmaq, üns bağlamaq tədricən insanı Allah yolundan uzaqlaşdırır. Onu Cəhənnəmə sövq edir. Hərçənd, müşrik şəxsin çağırışı dillə olmasa da, onun yanlış əqidəsi, çirkin xüsusiyyətləri getdikcə imanlı insanda iz buraxır. Onu Allahdan uzaqlaşdırır və şirkə doğru çəkir. Bu təsir övladlar üçün daha keçərlidir. Çünki valideynlərin xasiyyəti, əhval-ruhiyyəsi genetik irsiyyət yolu ilə övladlara ötürülür. Eyni zamanda ata-ananın övladların tərbiyəsindəki rolu danılmazdır. Xüsusilə əgər ata-ana müsəlman və mömin olmasa, bu, daha acınacaqlı nəticələr doğurur. Çünki övladlar uşaqlıqdan ana qucağında böyüyürlər. Müşriklərdən fərqli olaraq, möminlər imanlı və təqvalı olduqları üçün öz həyat yoldaşlarını və övladlarını dil və əməlləri ilə Cənnətə, ilahi əfvə çağırırlar və Allah bu çağırışı Özünə isnad edir. Çünki möminlərin qəyyumu Odur. Onlar Onun köməyi ilə Allah yolunda addımlayırlar.[149] Qabaqcadan özünüz üçün yaxşı əməllər göndərin: Bu cümlə göstərir ki, intim münasibətin son qayəsi, məqsədi həzz və ehtirası soyutmaq deyil. Əksinə, bundan övlad dünyaya gətirmək və onları layiqli şəkildə yetişdirmək üçün istifadə etmək lazımdır. Onu indidən bir mənəvi tədarük olaraq Qiyamət üçün göndərmək lazımdır. Bu ayədə xəbərdarlıq edilir ki, həyat yoldaşı seçərkən bir sıra prinsiplər nəzərə alınmalıdır ki, bu önəmli nəticə, əməlisaleh övlad və layiqli nəsil törətməklə sonuclansın. Bu ayənin izahı ilə bağlı Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir: “İnsan öləndə üç şeydən başqa hər şeydən ümidi kəsilir: cari sədəqələr (savabı daimi olan mallardan), fayda verən bilik və onun üçün dua edən layiqli övlad”. Beləcə əməlisaleh övladlar yetişdirmək, elmi əsərlər yaratmaq, düzgün yola yönəldən kitablar yazmaq, məscid, xəstəxana və kitabxana kimi xeyirli binalar tikmək və s. yaxşı əməllər cərgəsindədir.[150] Allah, bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmayacaq, lakin qəlblərinizin kəsb etdiyi şeylərə (qəsdən içdiyiniz andlara) görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir. Qadınları ilə yaxınlıq etməməyə and içənlər dörd ay gözləyə bilərlər. (Eyni zamanda bu dörd ay ərzində talaq vermək və ya birgə yaşamağa davam etdirmək baxımından öz qadınları ilə bağlı vəziyyəti aydınlaşdırmalıdırlar.) Əgər (bu müddət ərzində) dönsələr, (onların üzərinə bir şey düşmür. Çünki) Allah bağışlayan və mehribandır. Əgər ayrılmaq (boşanmaq) qərarına gəlsələr, (şərtlər mövcud olduqda eybi yoxdur). Allah eşidən və biləndir. Boşanan qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər (iddə saxlamalıdırlar). Əgər Allaha və Qiyamət gününə inanırlarsa, Allahın onların bətnlərində yaratdığını gizlətmək onlara halal deyil. Ərləri barışmaq istəsələr, bu müddət ərzində onları qaytarmağa (onlarla yenidən birgə yaşamağa başqalarından) daha çox haqlıdırlar. (Kişilərin) qadınlar üzərində haqları olduğu kimi onların da (kişilər üzərində) layiqli haqları vardır. Ancaq kişilər onlardan üstündürlər. Allah qüdrətli və hikmətlidir. (Ric’i) talaq iki dəfədir. (Hər dəfə) qadını yaxşı saxlamaq (və barışmaq), ya da xoşluqla buraxmaq (ayrılmaq) gərəkdir. Onlara verdiyinizdən bir şey geri almanız sizə halal deyil. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının (boşanmaq üçün) bir şey əvəz verməsində ikisi üçün də günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın. Allahın hüdudlarını aşan zalımdır. Əgər onu (üçüncü dəfə) yenə də boşasa, o zaman (qadın) başqa birinə ərə getməmiş (onunla yaxınlıq etməmiş) ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın hədlərinə hörmətlə yanaşacaqlarına ümidvar olduqları təqdirdə, (həmin qadının birinci əri ilə təkrar evlənməsində) heç bir günah yoxdur. Bunlar Allahın anlayanlar üçün açıqladığı hədlərdir. —————————————————————————————————————- 224 və 225. Əsassız andlar: Bu iki ayənin nazilolma səbəbi ilə bağlı nəql olunmuşdur ki, Peyğəmbərin (s) səhabələrindən Abdullah ibn Rəvahənin qızı ilə kürəkəni arasında mübahisə yarandı. O and içdi ki, onların işinə qarışmayacaq və ixtilaflarını həll etmək üçün heç bir iş görməyəcək. Bu zaman sözügedən iki ayə nazil oldu və bu növ andları yasaqladı.[151] 224-cü ayədən aydın olur ki, and içmək – xüsusilə də Allaha and içmək – yaxşı iş deyil. Bu iki ayəyə və eləcə də məsumlardan (ə) nəql olunan rəvayətlərə görə, and iki yerdə mötəbər və hüquqi dəyərə malik deyil: 1. İnsan vacib və ya müstəhəb işi görməyəcəyinə, yaxud haram bir işi görəcəyinə dair and içərsə, bu halda andı etibarsızdır və bu anda əməl etməməyinin eybi yoxdur.[152] İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Səndən iki nəfəri barışdırmaq istənildikdə: “Mən belə iş görməyəcəyimə dair and içmişəm.” – demə”.[153] 2. Bilmədən, niyyətsiz, əsəbiliklə və ya başqalarının məcbur etməsi ilə, andın əsl mahiyyətini diqqətə almadan içilən andlar da bu qəbildəndir.[154] İmam Sadiq (ə) buyurur: “Dəyərsiz and kiminsə əhd bağlamaq istəmədən “yox, Allaha and olsun” və “bəli, Allaha and olsun” deməsidir”.[155] Əgər and bu iki haldan xaric olsa, insan həqiqətən and içsə, andına əməl etməsi vacibdir. Əgər andını pozsa, axirət cəzasından əlavə kəffarə də ödəməlidir. Digər bir rəvayətdə İmam Sadiq (ə) yalan and haqqında buyurur: “And içən və yalan olduğunu bilən şəxs Allahla döyüşə qalxmışdır”.[156] “Maidə” surəsinin 89-cu ayəsində andı pozmağın kəffarəsinin on yoxsula yemək vermək, on nəfər ehtiyacı olanı geyindirmək və ya bir kölə azad etmək olduğu bildirilmişdir. (Hazırda kölə olmadığı üçün iki kəffarədən biri ödənilməlidir.)[157] Halalların ən arzuolunmazı: Bu və bir neçə sonrakı ayənin ümumi mövzusu talaqdır. Talaq özü bir zərurətdir. Çünki bəzən elə səbəblər ortaya çıxır ki, ər və arvadın müştərək həyatı mümkünsüz olur. Əgər nikah müqaviləsinin əbədi olaraq qalmasında israrlı olsalar, çoxlu problemlərə yol açacaqdır. Buna görə də İslam talağın özü ilə müvafiqdir. Lakin bu fikirdədir ki, bunu minimuma endirmək lazımdır. Nə qədər ki evliliyi davam etdirmək mümkündür, kimsə talağa üz tutmamalıdır. Buna görə də İslam rəvayətləri talağı qınamış, onu ən arzuolunmaz halal adlandırmışdır. İslam Peyğəmbərindən (s) nəql olunur: “Allah dərgahında İslamda (müsəlman cəmiyyətində) bir ailənin əsasının talaq və ayrılıqla dağılmasından mənfur şey yoxdur”. İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə isə oxuyuruq: “Allahın halalları arasında Onun dərgahında heç bir şey talaq qədər xoşagəlməz deyil”.[158] Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman onları ya düzgün şəkildə saxlayın, ya da xoşluqla buraxın. Onları zərər vurmaq və təcavüz etmək üçün saxlamayın. Belə edən şəxs özünə zülm etmiş olur. (Bu əməllərlə, Allahın hökmlərindən sui-istifadə etməklə) Allahın ayələrini ələ salmayın. Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi kitabı və hikməti yada salın. Allahdan çəkinin və bilin ki, Allah hər şeyi (Onun hökmlərindən sui-istifadə edənlərin niyyətlərini) bilir. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti (iddə) başa çatdığı zaman öz aralarında layiqli şəkildə razılığa gələrlərsə, onlara yenidən (əvvəlki) ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə iman gətirənlərin öyüd aldığı (əməl etdiyi) bir göstərişdir. Bu (göstəriş) sizin (ailələrinizin) inkişafı üçün daha təsirli və aludəliklərinizin təmizlənməsi üçün daha faydalıdır. Allah bilir, siz isə bilmirsiniz. Analar öz övladlarını tam iki il əmizdirməlidirlər. (Bu,) əmizdirmə müddətini tamamlamaq istəyənlər üçündür. Uşağın atası (əmizdirmə müddətində, hətta talaq verilmiş olsa da) ananın yeməyini və geyimini layiqincə təmin etməlidir. Heç kəs gücü çatdığından artıq vəzifə daşımır. Nə ana, nə də ata (aralarındakı ixtilafa görə) uşağına ziyan vura bilməz. Varis də bu şəkildə etməlidir. (Südvermə müddətində ananın xərcini təmin etməlidir.) Əgər ata və ana öz aralarında məsləhətləşib, uşağı süddən (tez) ayırmaq qərarına gəlsələr, ikisinə də heç bir günah yoxdur. Əgər siz (ana əmizdirə bilmədikdə və ya razılaşmadıqda) uşağınız üçün süd anası tutmaq istəsəniz, (ananın keçmiş) haqqını layiqincə ödəsəniz, sizə heç bir günahı yoxdur. Allahdan çəkinin və bilin ki, Allah, etdiklərinizi görür. —————————————————————————————————————– Talaq “iddə”sinin fəlsəfəsi: Bu və bunu əhatə edən ayələrdə bəzi talaq hökmlərinə işarə vurulmuşdur. Bu hökmlərdən biri talaqdan sonrakı iddədir. Yəni, talağı verilən qadınlar üç dəfə heyz görüb təmizlənincəyə qədər gözləməlidirlər. Ondan sonra digər kişiyə ərə gedə bilərlər. İslam alimləri bu hökmün fəlsəfəsi ilə bağlı iki məqamı qeyd etmişlər: 1. Soyu qorumaq. Hərçənd bir dəfə aybaşı olmaq artıq qadının hamilə olmamasına sübutdur, amma bəzən qadınlar hamilə olduğu halda da aybaşı ola bilirlər. Buna görə də bu müddətin tam başa çatması əmr olunmuşdur ki, qadın üç dəfə heyz görüb təmizlənsin, keçmiş ərindən hamilə qalmadığı tam aydın olsun və yenidən ailə qura bilsin. 2. Barışıq və qayıdış üçün bir yol. Bir çox ayrılıqlar kiçik mübahisələrdən başlayır. Bu kimi hallar insanların ürəyinə kin-küdurət odu salır və talağa səbəb olur. Amma bir çox hallarda bir az vaxt keçdikdən sonra qadın və kişi peşman olur, yenidən bir yerdə yaşamaq istəyirlər. Buna görə də İslam qadınların müəyyən müddət gözləmələrini vacib etmişdir ki, bəlkə qara buludlar çəkilsin və kin alovu yatsın. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Talağı verilmiş qadın iddə müddətində bəzənə, sürmə çəkə, saçına boya qoya, ətirlənə bilər. İstədiyi libası geyinə bilər. Ola bilər ki, bu yolla bir daha kişinin (keçmiş ərinin) qəlbini ələ alsın və kişi ona tərəf qayıtsın”.[159] Ana südünün uşağın fiziki və ruhi inkişafında rolu: Fəqihlərin rəyinə görə, ananın övladına süd verməsi vacib deyil. Amma südəmər uşağın anasının südü ilə qidalanması çox müstəhəb və yaxşıdır.[160] Ana südü südəmər uşağın orqanizminə və ruhuna çox müsbət təsir bağışlayır. Müasir elmə görə də ana südü körpənin ilk bir neçə ayda ehtiyacı olan hər şeyi qarşılayır. Ana südü olduqda körpənin başqa qidaya ehtiyacı qalmır. Qidadan əlavə süd verən qadının əxlaqı və xasiyyəti də körpəyə ötürülür. İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir: “Südəmər uşağa ana südündən başqa heç bir bərəkətli süd verilə bilməz”.[161] Həmçinin hədislərə görə, körpəyə anadan başqa bir qadın süd verərsə, müstəhəbdir ki, həmin qadın on iki imamlı, ismətli və gözəl olsun.[162] Həzrət Əli (ə) buyurmuşdur: “Övladınıza süd vermək üçün yaxşı bir şəxs seçin. Necə ki, ailə qurmaq üçün münasib birini axtarırsınız. Çünki süd vermək insanın xarakterinə, əxlaqına təsir göstərir”.[163] Allah “Qəsəs” surəsində buyurur ki, həzrət Musanın (ə) anası Allahın fərmanı ilə onu bir qutuya qoyub Nil çayına buraxdı. Fironun adamları onu tapdılar və ona süd verəcək bir dayə axtardılar. Lakin Allahın iradəsilə uşaq anasından başqa heç kimin südünü əmmədi. Beləcə, Allah onu anasının qucağına qaytardı. Bəzilərinin fikrincə, Musanın (ə) başqalarının südünü əmməsinə imkan verilməməsinin səbəbi bu idi ki, Allah peyğəmbəri olacaq şəxs aludə, haram, oğurluq, cinayət, rüşvət, başqalarının qəsb olunmuş haqlarından əmələ gələn südlə qidalanmasın. O, anasının südü kimi halal südlə qidalanmalı idi ki, aludəliklərə qarşı ayağa qalxsın, mübarizə aparsın.[164] Rəvayətlərdə süd vermə üçün çoxlu savab nəzərdə tutulduğu bildirilmişdir. Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə oxuyuruq: “Qadın körpəsinə süd verdikdə körpə hər dəfə südü sovuranda Allah anaya İsmayıl (ə) övladlarından bir kölə azad etməyin savabını verir. Süd verib qurtardıqdan sonra isə bir mələk ananın böyrünə vuraraq deyir: “İşini bir daha gör, çünki bağışlandın”.[165] Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün gözləməlidirlər (iddə saxlamalıdırlar). Bu müddət başa çatdıqda onların özləri barədə layiqli şəkildə etdiklərində sizə heç bir günah yoxdur. (Könülləri istəyən kişi ilə ailə qura bilərlər.) Allah etdiklərinizdən xəbərdardır. (Əri ölən) qadınlara elçi düşmək istədiyinizi eyham vurmanızda və ya (bəlli etmədən) ürəyinizdə gizlətmənizdə sizə heç bir günah yoxdur. Allah sizin onları xatırlayacağınızı (unutmayacağınızı) bilir. (O, sizin təbii istəklərinizə qarşı deyil.) Lakin onlarla gizlincə vədələşməyin, onlara layiqli şəkildə söz deyin (eyham vurun). (Amma hər halda) gözləmə müddəti başa çatmayıncaya qədər onlarla nikah bağlamağa cəhd etməyin. Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir. Ona qarşı çıxmaqdan qorxun və bilin ki, Allah bağışlayan və həlimdir. (Cəzalandırmağa tələsmir.) Qadınları yaxınlıq və mehriyyə təyin etməzdən qabaq boşamanızda sizin üçün heç bir günah yoxdur. (Bu zaman) onlara (uyğun bir) hədiyyə verin. Varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində (verən və alanın vəziyyətinə uyğun) hədiyyə verməlidir. Bu, yaxşılıq edənlər üzərində bir haqdır. Mehriyyəsini təyin etdiyiniz qadınları yaxınlıq etməzdən əvvəl boşasanız, təyin etdiyinizin yarısını (onlara verməlisiniz). Qadınların (öz haqlarını ərlərinə) bağışlaması və ya nikah bağı əlində olanın (azyaşlı və ya ağıl sağlamlığı yerində olmayanın qəyyumunun) bunu bağışlaması isə istisnadır. Sizin güzəştə getməyiniz (mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın. Allah sizin etdiklərinizi görür. —————————————————————————————————————– Həlimliyin fəziləti: Həlim o kəsdir ki, bacardığı, gücü çatdığı halda heç bir işi vaxtından əvvəl görmür, cinayətkarları cəzalandırmaqda tələskənlik etmir. Bu sifətin kamil nümunəsi Allah-taaladır. Lakin Onun geniş ruha malik bəzi bəndələrinə də aid ola bilər. Quran “Tövbə” surəsinin 114-cü ayəsində həzrət İbrahimin (ə) həlim olduğunu buyurur: “Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir adam idi.”[166] Həlimlik haqqında məsumlardan (ə) çoxlu sayda hədislər nəql olunmuşdur. Bir rəvayətə görə, həzrət Əli (ə) bir nəfərin – sadiq xidmətçisi – Qəmbərə nalayiq söz dediyini və Qəmbərin də ona qarşılıq vermək istədiyini eşitdi. İmam (ə) onu çağırıb buyurdu: “Aram ol, sənə nalayiq söz deyəni rüsvay olmuş halda qoy. Bu halda Rəhman Allahı razı salmış, Şeytanı əsəbləşdirmiş və düşmənini cəzalandırmış olursan. Toxumu yaran və canlıları yaradan Allaha and olsun ki, imanlı insan heç bir şeylə həlimliklə olduğu kimi Allahını razı salmır. Şeytanı heç bir şeylə susqunluqla olduğu kimi qəzəbləndirmir. Axmaq insanı çirkin işinə görə heç bir şeylə onun (ədəbsizlikləri) qarşısında susmaqla olduğu kimi cəzalandırmır”.[167] Evlilik həyatında əfv və güzəştin zərurəti: Bu ayə əsasən iki əsaslı prinsip, evlilik məsələlərində – istər nikah olsun, istər talaq, istərsə də digər məsələlər – ürf və yaxşılığı əsas götürmək üzərində dayanır. Ayəyə görə, hətta talaq və ayrılıq da mübahisə, keşməkeş, təhrik və intiqam ruhu ilə qarışmamalıdır. Əksinə, yaxşılıq, alicənablıq, əfv və güzəşt əsasında olmalıdır. Çünki əgər bir kişi və qadın birgə yaşaya bilmirlərsə və müəyyən səbəblərdən ayrılmağa qərar verirlərsə, onların arasında düşmənçiliyin hakim kəsilməsinə nə lüzum var?[168] “Sizin güzəştə getməyiniz təqvaya daha yaxındır” ibarəsinin şərhi ilə bağlı deyilmişdir ki, öz halal və qanuni haqqından keçən insan, şübhəsiz, haqqı olmayandan, ona haram olandan daha rahat keçə bilər. Haqqı olmayana göz yummaqda daha güclü olar. “Öz aranızda (bir-birinizə) yaxşılıq etməyi unutmayın” ibarəsi isə insanları öz həyatlarında yaxşılıq etməyə, güzəştə getməyə rəğbətləndirir. Onları əxlaqi fəzilətlər əhatəsində yaşamağa təşviq edir. Belə ki, insanlar öz hüquqlarından asanlıqla keçə bilsinlər. Ər arvada, arvad da ərə mülayim davransın.[169] Bütün namazlara, (xüsusilə də) orta namaza (zöhr namazına) ciddi yanaşın və Allah qarşısında mütiliklə durun. Əgər (düşməndən və ya digər bir təhlükədən) qorxsanız, (namazınızı) ayaq üstə (piyada) və ya minik üzərində (qılın). Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi öyrətdiyi kimi yad edin. (Namazı adi qaydada qılın.) Sizlərdən ölüm ayağında olan və (özündən sonra) zövcələr qoyub gedənlər zövcələrinə bir il müddətində (ər evindən) çıxmamaq (ərə getməmək) şərtilə baxılmasını (xərclərinin təmin olunmasını) vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (o zaman xərclərini tələb etmək hüquqları yoxdur. Amma) onların özləri barədə layiqincə görəcəkləri işlərdə sizin üçün heç bir günah yoxdur. Allah qüdrətli və hikmətlidir. Boşanmış qadınlara (ər tərəfindən) uyğun bir hədiyyə (vermək) lazımdır. Bu, təqvalılar üzərində bir haqdır. Allah Öz ayələrini sizə belə açıqlayır ki, bəlkə düşünəsiniz. Ölüm qorxusundan (taun xəstəliyi bəhanəsilə cihadda iştirak etməkdən böyun qaçırıb) yurdlarını qoyub qaçan minlərlə adamı görmədinmi? Allah onlara: “Ölün!” – dedi (və bəhanə etdikləri xəstəliklə də öldülər). Sonra isə onları diriltdi (və onların həyat hekayəsini gələcək nəsillər üçün ibrət etdi). Allah insanlara lütf edəndir, lakin insanların çoxu (Ona) şükür etmir. Allah yolunda vuruşun və bilin ki, Allah eşidən və biləndir. Kim Allaha gözəl bir borc verər (Allahın ona bəxş etdiyi maldan Onun yolunda verər) ki, O da onun üçün bunu qat-qat artırsın? (Bəndələrin ruzisini) azaldan da, artıran da Allahdır. (Allah yolunda xərcləmək əsla ruzinin azalmasına səbəb olmur.) Siz Ona doğru qaytarılacaqsınız (və mükafatınızı alacaqsınız). —————————————————————————————————————– Namaz vaxtlarına diqqət: Bu ayə beş namaza önəm verməyi, onlara diqqətlə yanaşmağı təkid edir. Namaza ciddi yanaşmaq onun qaydalarına, şərtlərinə və xüsusiyyətlərinə riayət etmək kimi izah olunmuşdur. O qayda və şərtlər ki, həm namazın zahirini batil olmaqdan, pozulmaqdan qoruyur, həm namazın ruhunu, yəni namazda diqqəti (hüzuri-qəlbi) gücləndirir, həm də namazın yolunda duran maneələri aradan qaldırır.[170] Namaza ciddi yanaşmağın yollarından biri onu müəyyən vaxtda, xüsusilə ilk vaxtda qılmaqdır.[171] Ayə ilə bağlı İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Namaza ciddi yanaşmaq insanın namaza üz tutması və vaxtında qılmasıdır. Belə ki, (heç bir şey onu namazdan çəkindirməsin və heç bir şey onu özünə məşğul etməsin”.[172] Həzrət Əlinin (ə) Məhəmməd ibn Əbu Bəkrə tövsiyələrini ehtiva edən bir rəvayətdə deyilir: “Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hamısı namaza bağlıdır”.[173] Namazın bütün hallarda vacib olması: Hədislərə görə namaz heç bir halda insanın üzərindən götürülmür. Lakin onun qılınma forması dəyişə bilər.[174] Bu ayə göstərir ki, döyüş və bənzər zamanlarda qorxu və ya başqa bir səbəbdən adi qaydada namaz qılmaq mümkün olmadıqda, piyada və ya minikdə namaz qılmaq lazımdır. İmam Kazim (ə): “Bir şəxsin izinə yırtıcı heyvan düşmüşsə, namaz vaxtı gəlib çatmışsa, yırtıcının qorxusundan hərəkət edə bilmirsə, necə namaz qılmalıdır?” sualına cavab olaraq buyurur: “Olduğu vəziyyətdə hərçənd, arxası qibləyə də olsa, namazını qılsın. Rüku və səcdələri dayandığı yerdə işarə ilə yerinə yetirsin”. Bu namaz fəqihlərin, haqqında geniş şəkildə söhbət açdığı “xof” (qorxu) namazıdır. Deməli, namaza ciddi yanaşmaq adi sabitlik halına xas deyil. Əksinə, namaz bütün hallarda yerinə yetirilməlidir.[175] Allahla faydalı sövdələşmə: Bu ayənin nazilolma səbəbilə bağlı nəql olunan rəvayətdə deyilir: “Bir gün həzrət Peyğəmbər (s) buyurdu: “Kim sədəqə versə, Cənnətdə onun iki mislini alacaqdır”. Əbu əd-Dəhdah Ənsari dedi: “Ey Allahın Rəsulu! Mənim iki bağım var. Onlardan birini sədəqə versəm, Cənnətdə onun iki mislini alacağammı?” Həzrət (s) buyurdu: “Bəli, alacaqsan”. Dedi: “Həyat yoldaşım və övladlarım da mənimlə birgə olacaqlar?” Həzrət (s) buyurdu: “Bəli, onlar da səninlə birlikdə olacaqlar”. Sonra Əbu əd-Dəhdah bağlarının ən yaxşısını sədəqə olaraq Peyğəmbərin (s) ixtiyarına verdi. Bu zaman sözügedən ayə nazil oldu və Allah onun sədəqəsini qat-qat artırdı. Əbu əd-Dəhdah evə qayıtdıqda həyat yoldaşını və övladlarını sədəqə üçün nəzərdə tutduğu bağda gördü. Bağın qapısında dayandı. Həyat yoldaşını səsləyib dedi: “Mən bu bağı sədəqə üçün ayırmışam. Əvəzində isə Cənnətdə iki qatını alacağam. Sən və övladlarımız da Cənnətdə mənimlə birlikdə olacaqsınız”. Arvadı dedi: “Satdığın və aldığın mübarək olsun!” Sonra hamısı bağdan xaric oldular və onu Peyğəmbərin (s) ixtiyarına buraxdılar. Peyğəmbər (s) buyurdu: “Cənnətdə nə çox xurma ağacları var ki, budaqları Əbu əd-Dəhdah üçün asılmışdır”.[176] Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) görmədinmi? Onlar öz peyğəmbərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, (onun əmri altında) Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma əmri verilsə, bəlkə də (boyun qaçırar və) vuruşmazsınız.” Onlar dedilər: “Yurdumuzdan çıxarıldığımız, övladlarımızdan ayrı düşdüyümüz (şəhərlərimiz düşmən tərəfindən işğal olunduğu, övladlarımız əsir alındığı) halda Allah yolunda necə döyüşməyə bilərik?” Lakin onlara vuruşmaq əmri gəldikdə az bir qismi istisna olmaqla, (hamısı döyüşdən) boyun qaçırdı. Allah zalımları tanıyır. Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi (təyin etdi)”. Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha layiqik və ona heç böyük var-dövlət də verilməmişdir?” (Peyğəmbər) dedi: “Onu sizə (hökmdarlıq üçün) Allah seçmiş, ona bilik və fiziki güc vermişdir. Allah Öz mülkünü (səltənətini) istədiyinə verər. Allahın (bəxşişi) genişdir və (Allah kimin daha layiqli olduğunu) bilir”. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə “əhd sandığı”nın gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, Musa və Harunun ailəsindən qalan yadigarlar vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, sizin üçün bunda aydın bir nişanə vardır”. —————————————————————————————————————- Talut və Calut: Bu ayə ilə bağlı İmam Baqirdən (ə) nəql olunan rəvayətdə oxuyuruq: ” Musa (ə) dünyasını dəyişdikdən sonra Bəni-İsrail dinini dəyişdi və Allahın fərmanlarından yayındı. Aralarında onlara yaxşı işlər görməyi əmr edən, pis işlərdən çəkindirən İrmiya adlı bir peyğəmbər var idiı. Lakin onlar ona tabe olmurdular. Allah, İrmiyaya itaətsizlik etdikləri üçün qibtli (yerli misirli) Calutu onlara hakim etdi. O, Bəni-İsraili çox zillətə sürüklədi. Onların kişilərini öldürdü, qalanlarını isə yurdlarından çıxartdı. Qadınlarını da özünə kəniz götürdü. Bəni-İsrail peyğəmbərlərinin (Şamuelin) yanına gedib, acınacaqlı vəziyyətlərindən gileylənlənərək dedi: “Allahdan istə ki, bizim üçün hökmdar təyin etsin və (onun əmri altında) Allah yolunda döyüşək”. O vaxtlar daim nübüvvət bir ailədə, hökmdarlıq isə digər bir sülalədə idi. Buna görə də onlar öz peyğəmbərlərindən belə istədilər. Peyğəmbərləri soruşdu: “Əgər sizin üçün belə bir peyğəmbər təyin olunsa və döyüş sizə vacib edilsə, cihaddan boyun qaçırmayacağınıza dair söz verirsinizmi?” Onlar dedilər: “Bizim nə bəhanəmiz var ki, Allah yolunda döyüşməyək? Bir halda ki, düşmən bizi evimizdən çıxarıb, arvad-uşağımızdan uzaq salıb”. Lakin Allah o peyğəmbərə xəbər verdi ki, bunlar döyüşdən yayınacaqlar. Elə ki cihad onlara vacib oldu, çox az bir hissəsindən başqa hamısı döyüşdən boyun qaçırdı. Nəhayət, peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar seçdi”. Bəni-İsrail bundan qəzəbləndi. Onlar dedilər: “O hara, hökmdarlıq hara? Biz özümüz hökmdarlığa daha layiqik. O, nə sərvət sahibidir, nə peyğəmbərlər sülaləsindən olan Lavinin soyundandır, nə də hökmdarlar sülaləsi olan Yusif soyundan. O, (Yusifin qardaşı) Binyaminin soyundandır. Bu soydan nə peyğəmbər olmuşdur, nə də hökmdar”. Peyğəmbərləri onlara cavab olaraq dedi: “Allah onu sizdən üstün etmişdir. Ona elm və fiziki güc vermişdir. Allah nə edirsə, biliyə dayanır”. Bəli, Talut Bəni-İsrailin ən bilici və ən güclü kişisi idi. Lakin yoxsul idi. Buna görə də Bəni-İsrail onun yoxsulluğuna irad tutur və çox sərvəti olmadığını deyirdi. Peyğəmbərləri onlara dedi: “Onun Allah tərəfindən sizə hökmdar seçilməsinin əlaməti budur ki, sizin yanınıza “əhd sandığı” gələcək və onu mələklər dayışyacaqlar. Bu, Allahın Musanın (ə) anasına göndərdiyi sandıqdır. Musanın anası onun qundağını həmin sandığa qoyub çaya buraxmışdı. Bu sandıq həmişə Bəni-İsrailin arasında olub. Ona təbərrük edirdilər. Musanın (ə) dünyasını dəyişmə zamanı gəlib çatdıqda Tövrat lövhələrini, zirehini və digər nübüvvət əlamətlərini onun içinə qoydu və canişini Huşaya tapşırdı. Bəni-İsrailin günahları və sandığa hörmətsizliyi həmin sandığın onlardan alınmasına səbəb oldu. O vaxta qədər izzətli və şərafətli həyat sürdükləri halda, Caluta tuş gəldilər və onun əli ilə xar oldular.[177] Rəhbərlik şərtləri: Bəni-İsrail Talutun hökmdarlığa seçilməsinə etiraz olaraq iki xüsusiyyəti irəli sürdü: yüksək əsil-nəsil və çoxlu var-dövlət. Amma peyğəmbərləri onlara kəskin cavab verdi və beləcə rəhbərliyin Talutda mövcud olan iki mühüm şərtini açıqladı: bilik və fiziki güc. Əslində soy-kök və sərvət şərti və əsası olmayan imtiyazdır. Lakin bilik və bacarıq iki gerçək və əsas imtiyazdır. Rəhbər öz biliyi ilə cəmiyyətin səadət yolunu müəyyən edir. Onun qaydalarını, prinsiplərini cızır. Öz gücü ilə isə onları vaxtında icra edir.[178] Talut qoşunla birlikdə (şəhərdən) ayrıldığı zaman (onlara) dedi: “Allah sizi bir çay vasitəsilə sınağa çəkəcək. Kim (susayarkən) ondan içsə, o, məndən deyildir. Bir ovuc götürənlərdən başqa kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla, (hamısı) ondan su içdi. O və onunla birlikdə iman gətirənlər (sınaqdan çıxanlar) çayı keçdikdən sonra (saylarının azlığından narahat oldular və bəziləri) dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur”. Amma Allahla görüşəcəklərini yəqin bilənlər (Qiyamət gününə inananlar) dedilər: “O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!” Allah səbir edənlərlədir (müqavimət göstərənlərlədir). Calut və onun qoşunu ilə qarşılaşdıqda dedilər: “Ey Rəbbimiz, bizə çoxlu səbir və ayaqlarımıza qüvvət ver! Bizə kafir qövmə qarşı yardım et!” Sonra onlar Allahın fərmanı ilə düşmən qoşununu məğlubiyyətə uğratdılar. (Talutun qoşunundan qüvvətli və şücaətli bir gənc olan) Davud Calutu öldürdü. Allah ona (Davuda) hökmranlıq və bilik bəxş etdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini bəziləri ilə dəf etməsəydi, yer üzünü fəsad bürüyərdi. Lakin Allah aləmlərə qarşı lütfkardır. Bunlar Allahın ayələridir. Onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz, sən göndərilən elçilərdənsən. —————————————————————————————————————– Böyük cihadın kiçik cihada təsirinin bir nümunəsi: İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: “Talutun əhvalatında çayın suyundan içməyənlər – bir ovuc (Allahın icazə verdiyi qədər) içən və ya heç içməyənlər – üç yüz on üç nəfər idilər. Talutun qoşunu Calutun qoşunu ilə qarşılaşdıqda Allahın fərmanının əksinə olaraq çayın suyundan içənlər dedilər: “Bu gün bizim Calut və onun qoşunu ilə vuruşacaq gücümüz yoxdur”. Ondan içməyənlər isə dedilər: “O qədər (sayca) az dəstə Allahın fərmanı ilə (sayca) çox dəstəyə qalib gəlib ki!”[179] Calutun Davud tərəfindən öldürülməsi: İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə oxuyuruq: “Davud (ə) və qardaşları dörd nəfər idilər. Ataları da yaşlı kişi idi. Onlarla birgə yaşayırdı. Hamısından kiçik olan Davud atasının qoyunlarını otarırdı. Qardaşları isə Talutun qoşununda xidmət edirdilər. Bir gün Davudun atası onu çağırdı ki, oğlum, gəl hazırladığım bu yeməyi qardaşların üçün apar. Qoy düşmənə qarşı güclü olsunlar. Qısaboy, göygöz, qısa saç və pak ürəkli gənc olan Davud yeməyi götürdü və döyüş meydanına yollandı. Döyüş meydanında qoşun sıralarının bir-birinə yaxınlaşdığını gördü. Davud irəli gedərkən bir daşa ilişdi. O daşdan bir səs gəldi ki, ey Davud, məni götür və Calutu mənimlə qətlə yetir. Allah məni Calutu öldürmək üçün yaratmışdır. Davud o daşı götürdü və sapandını qoyduğu kisəyə atdı. Yoluna davam etdi və qoşunun içinə girdi. Eşitdi ki, hamı Calutun qəddarlığından danışır, onun güclü olduğunu deyir. Davud dedi: “Nə olub ki, onu bu qədər şişirtmisiniz və qarşısında aciz qalmısınız? Allaha and olsun ki, onunla qarşılaşan kimi onu öldürəcəyəm”. Əsgərlər bu xəbəri Taluta çatdırdılar və Davudu Talutun yanına apardılar. Talut dedi: “Ümidvaram ki, Allah Calutu bu gəncin əli ilə öldürəcək”. Səhər açıldıqda əsgərlər Talutun ətrafına toplaşdılar. İki qoşun üz-üzə dayandı. Davud dedi: “Calutu mənə göstərin”. Onu görən kimi kisədən daşı çıxarıb sapanda qoydu və var gücü ilə Caluta tərəf atdı. Daş birbaşa Calutun iki gözünün arasına dəydi və beyni parçalandı. Calut atdan yıxıldı. Əsgərlər qışqırdılar: “Davud Calutu öldürdü”. Bu hadisədən sonra insanlar onu öz hökmdarları seçdilər. Davud elə məşhurlaşdı ki, sanki heç Talutun adı eşidilməmişdi. Allah Davuda Zəburu nazil etdi. Ona dəmirçilik sənətini öyrətdi. Dağlara və quşlara onunla birlikdə Allahı mədh etməyi əmr etdi”.[180] O elçilərin bəzisini bəzilərindən üstün etdik. Allah onlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya aydın nişanələr verdik və onu müqəddəs Ruhla qüvvətləndirdik. (Lakin bu peyğəmbərlərin üstünlüyü ümmətlər arasında ixtilafa mane olmadı.) Əgər Allah istəsəydi, onlardan sonra gələnlər onlara göndərilən bu qədər aydın nişanələrdən sonra bir-biri ilə savaşa qalxmazdılar. (Amma Allah insanları məcbur etmir və onları səadət yolunu keçməkdə azad qoymuşdur.) Lakin onlar ixtilaf etdilər. Onlardan kimisi iman gətirdi, kimisi də kafir oldu. (Döyüşlər baş verdi, qan töküldü. Yenə də) əgər Allah istəsəydi, onlar bir-biri ilə vuruşmazdılar. Lakin Allah istədiyini (hikmət əsasında) edir (və heç kimi nəyisə qəbul etməyə məcbur etmir). Ey iman gətirənlər! Alış-verişin, dostluğun və şəfaətin olmayacağı gün (səadəti və cəzadan xilas olmağı ala bilməyəcəyiniz, maddi dostluqların fayda verməyəcəyi və şəfaətə layiq olmayacağınız gün) gəlməzdən qabaq sizə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyin! Kafirlər özləri zalımdırlar. (Həm özlərinə zülm edirlər, həm də başqalarına). Allah, Ondan başqa heç bir tanrı yoxdur, Həyy (Öz zatı ilə var olan) və Qəyyumdur (digər varlıqlar da Onun zatı ilə ayaqdadırlar). Onu nə mürgü, nə də yuxu tutar. (Bir an da dünyanı idarə etməkdən qafil olmaz.) Göylərdə və yerdə nə varsa, (hamısı) Ona məxsusdur. Onun fərmanı olmadan yanında kim şəfaət edə bilər? (Şəfaət edənlərin şəfaətə layiq olanları şəfaət etməsi Onun mütləq hakimiyyətini azaltmır.) Onların (bəndələrinin) keçmişini və gələcəyini bilir. Onun elmindən, Onun istədiyindən başqa heç nə bilə bilməzlər. Onun taxtı (səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları qoruyub saxlamaq Onu yormur. Uca və əzəmətli Odur. Dinin qəbul olunmasında məcburiyyət yoxdur. (Çünki) artıq doğru yol azğınlıqdan ayırd edilmişdir. Kim Tağutu (Şeytanı, bütləri və eləcə də digər azğın varlıqları) inkar edib Allaha iman gətirsə, o, əsla qırılmayan ən möhkəm bir tutacaqdan yapışmışdır. Allah eşidən və biləndir. —————————————————————————————————————– Peyğəmbərlərin bəzisinin bəzilərindən üstün olması: Məlumdur ki, bütün peyğəmbərlər Allah tərəfindən göndərilmək və ilahi ismarış gətirmək baxımından haqdırlar. Onlara iman zəruridir. Necə ki, Allah-taala “Bəqərə” surəsinin 275-ci ayəsində möminlərin dilindən buyurur: “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)“. Lakin bəzi cəhətlərdən bəzi peyğəmbərlər daha üstündürlər. Bu fərq iki növdür: 1. Bəzi peyğəmbərlərə xas olan özəlliklər baxımından. Misal üçün, Allah həzrət Musa (ə) ilə xüsusi şəkildə danışmışdır, yaxud həzrət Süleymana (ə) padşahlıq vermişdir və s. Digər peyğəmbərlərlə bağlı isə belə olmamışdır. 2. Mənəvi dərəcələr və Allaha yaxın olmaq baxımından. Şübhəsiz, bu baxımdan İslam peyğəmbəri (s) Allahın ən üstün peyğəmbəri olmuşdur. Hərçənd o həzrət (s) birinci növ üstünlük baxımından da bir çox cəhətlərdən digər peyğəmbərlərdən üstün olmuşdur. Misal üçün, ona nazil olan kitab (Quran) Allah tərəfindən göndərilən ən mükəmməl kitabdır. Heç bir peyğəmbərə belə bir kitab verilməmişdir. Yaxud, onun canişinlərini (on iki imamı) deyək. Heç bir peyğəmbərə belə canişinlər verilməmişdir.[181] Quranın zirvə nöqtəsi: “Ayətül-Kürsi” adı ilə şöhrət tapmış bu ayə Quranın ən əzəmətli ayələrindəndir. Ehtiva etdiyi yüksək maarif bu ayələrin fəzilət və üstünlüyü haqqında çoxlu sayda hədis və rəvayətlərin nəql olunmasına səbəb olmuşdur. İmam Sadiqə (ə) istinad edilən bir hədisdə belə buyurulmuşdur: “Əbuzər Qəffari Allah Rəsulundan (s): “Ey Allahın rəsulu, sizə nazil olmuş ən mühüm və ən fəzilətli ayə hansıdır?”, – deyə soruşduqda, Allah Rəsulu (s) “Ayətül-Kürsi”, – deyə cavab verdi.” İmam Sadiqə (s) istinad edilən başqa bir hədisdə belə deyilir: “Hər şeyin zirvə nöqtəsi var, Quranın zirvə nöqtəsi “Ayətül-Kürsi”dir.” İmam Əli (ə) bu ayənin fəziləti haqqında belə buyurmuşdur: “İslamı başa düşüb və ya müsəlman kimi doğulan bir şəxsin “Ayətül-Kürsi” oxumadan gecə yatıb səhər durmasına inanmıram. Əgər bu ayədə nə olduğunu bilsəniz, heç bir halda onu tərk etməzsiniz. Allah Rəsulu (s) mənə buyurdu: “Ayətül-Kürsi”ni mənə Ərşin altındakı xəzinədən veriblər. Məndən əvvəl heç bir peyğəmbərə belə bir şey verilməyib.” Sonra İmam Əli (ə) belə buyurmuşdur: “Bu sözü Peyğəmbərdən (s) eşitdikdən sonra elə bir gecə olmadı ki,“Ayətül-Kürsi” oxumayım.”[182] “Ayətül-Kürsi”nin qeyd edəcəyimiz vaxtlarda oxunmasının daha çox savabı var: “Gündəlik namazlardan sonra, evdən çıxarkən, nəqliyyat vasitəsinə minərkən, səfərə çıxarkən, yatmazdan əvvəl, qəbristnalıq ziyarətində olarkən, hər səhər-axşam.” Bunu da qeyd etməliyik ki, məşhur nəzərə görə “Ayətül-Kürsi” “هُمْ فِيهَا خَالِدُونَ” (…daim orada olacaqlar) cümləsinə qədər deyil, “وَهُوَ العَلِيُّ الْعَظِيمُ” (uca və əzəmətli Odur) cümləsinə qədərdir. Əlbəttə, sonrakı iki ayənin oxunmasının da fəziləti vardır[183]. Dində heç bir məcburiyyət yoxdur: Ümumiyyətlə, İslam və heç bir haqq məzhəb iki cəhətdən məcburiyyət səciyyəsinə malik ola bilməz: 1. Açıq-aşkar dəlil və möcüzələrdən sonra məcburiyyətə ehtyac yoxdur. Zorakılığa qətiyyətli məntiqi olmayanlar əl atarlar, aydın və güclü məntiqi olan İslamın buna ehtyacı yoxdur; 2. Din daxili inanc və etiqadlara əsaslandığı üçün məcburi olması mümkün deyil. Məcburiyyət insanın cismini təslim edə bilər, ancaq etiqad və inanclarını əsla! Əlbəttə, bu, o demək deyil ki, İslam ümumiyyətlə, icbardan istifadə etməmişdir. İslam dinində üç halda hərbi güc tətbiq edilmişdir: 1. Müşrikliyin təsirlərini aradan qaldırmaq üçün. İslama görə bütpərəstlik din deyil, əksinə bir xəstəlik və xurafatdır. İnsan cəmiyyətinin yüz faizlik səhv və yanlış bir yolda yürüməsinə və bununla da süquta uğramasına icazə vermək olmaz. 2. Müsəlmanları məhv etmək üçün hücum planı hazırlamış insanlara qarşı müdafiə cihadına qalxmaq əmri verilmişdir. Peyğəmbərin (s) zamanında baş vermiş müharibələrin demək olar ki, çoxu bu qəbildəndir. 3. Azad təbliğata nail olmaq üçün. Haqq olan din azad şəkildə təbliğ oluna bilər. Din bu fəaliyyətə mane olan şəxslərə qarşı zor tətbiq edib, öz haqqını əldə edə bilər[184]. Allah iman gətirənlərin hamisidir, onları zülmətlərdən nura çıxarır. Kafirlərin hamiləri isə tağutlardır, onları nurdan zülmətlərə sövq edirlər. Onlar od əhlidirlər və daim orada olacaqlar. Allahın verdiyi hökmranlıq üzündən (yetərsizlikdən qürura qapılaraq) İbrahimlə Rəbbi barəsində höcətləşən kimsəni (Nəmrudu) görmədinmi? Çünki Allah ona hakimiyyət vermişdi (və yetərsizlikdən qürura qapılmışdı). İbrahim: “Mənim Rəbbim dirildən və öldürəndir” – dedikdə, o, “Mən də dirildir və öldürürəm!” – demişdi. (Bunu sübuta yetirmək və xalqı aldatmaq üçün iki dustaq gətizdirmiş, birini qətlə yetirmiş, digərini isə sərbəst buraxmışdı.) İbrahim: “Allah günəşi şərqdən çıxarır. Sən də onu qərbdən gətir!” – dedikdə, o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. Və ya divarları damlarının üstünə uçulmuş (xaraba qalmış) bir kəndin yanından keçən kimsənin (əhvalatını) bilmirsənmi? (O, oranın əhalisini ölmüş, sümüklərini ətrafa səpələnmiş görüb, öz-özünə) demişdi: “Allah bunları ölümdən sonra necə dirildəcək?” (Bu zaman) Allah onu yüz il öldürdü, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün, yaxud günün bir hissəsini qaldım!” (Allah) dedi: “Yox, sən yüz il qaldın. Öz yemək-içməyinə bax, (illər keçməsinə baxmayaraq) hələ də xarab olmayıb. (Tez bir zamanda xarab olacaq maddələri yüz il saxlayan Allah hər şeyə qadirdir.) Ulağına da bax! (Gör necə parçalanıb.) Biz (səni diriltməklə həm özünü əmin etdik, həm də) səni insanlar üçün bir nişanə etdik. (İndi) sümüklərə bax, gör Biz onları necə götürüb bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (bu həqiqətlər) aydın olduqda dedi: “Bilirəm ki, Allah hər şeyə qadirdir!” ———————————————————————————— Möminlərin vəlisi: “Vəli” sözü bu ayədə hami və ixtiyar sahibi mənasında işlənmişdir. Bu ayəyə əsasən Allah yalnız möminlərin hamisidir[185]. Allahın möminlərin vəli və himayəçisi olması möminləri zülmətlərdən nura çıxarması ilə nəticələnir. Belə bir şəxs elmi məsələlərdə cəhalət, əməli məsələlərdə isə zülm və azğınlıq zülmətinə məruz qalmaz[186]. Möminlər nura daxil olur, kafirlər nurdan çıxırlar: Bu ayədə “nur” və “zülmət” deyilərkən hidayət və sapma nəzərdə tutulur. Burada belə bir sual yarana bilər ki, məgər kafirlər nurda idilər ki, Allah onları küfrlərinə görə nurdan çıxarıb zülmətə daxil edir? Bəzi təfsirçilər hesab edirlər ki, insan ilk yaranış mərhələsində fitri və ilahi nura malik olur, elə yaradılıb ki, onu və dünyanı yaradanı tanımaq istəyir. Ancaq Allahın Peyğəmbər (s) vasitəsilə insanlara göndərdiyi din və proqramla tanış deyl. Əgər insan ağlı və Peyğəmbərin (s) tərbiyəsi ilə yaxşı tərbiyə olunsa, həmin nur insanın canına və ruhuna yayılar, uşaqlıq bilgisizliyi Allah və Onun nişanələrini tanıma ilə əvəzlənər. Yox, əgər kafir olsa, fitri nurdan küfr və itaətsizlik zülmətlərinə doğru süqut edər[187]. Diqqət çəkən nüanslardan biri də budur ki, nur sözü Quranda hər zaman təkdə işləndyi halda, zülmət sözü cəmdə (zülmətlər) işlənmişdir. Bu da onu göstərir ki, düz və haqq yol çox deyil, birdir. İki nöqtəni birləşdirən düz xətti buna misal göstərə bilərik. Buna görə də haqq tərəfdarları hər zaman vəhdətdə olurlar. Batil yol isə çoxlu və saysız-hesabsızdır. Buna görə də batil tərəfdarları öz batil davranışlarında bir deyillər[188]. Peyğəmbərin (s) keçmiş və gələcəyi bilməsi: Bu ayədə Nəmrudla İbrahimin (ə) mübahisəsindən bəhs edilir. Bəzi təfsirçilər ayənin “görmədinmi? bilmirsənmi?” ifadələrinə əsasən Peyğəmbərin (s) elminin öz zamanının fövqündə dayandığını, Allahın istəyi ilə keçmişdən və gələcəkdən xəbərdar olduğu qənaətinə gəlmişlər. Onlar hesab edirlər ki, məhz buna görə Allah Öz Peyğəmbərinə (s) “görmədinmi?”, – deyə buyurur. Yəni Peyğəmbər (s) İbrahimlə (ə) Nəmrudun macərasından xəbərdar olmuş, sanki onu görmüşdür[189]. Yüz ildən sonra dirilən peyğəmbər: Bu ayənin təfsirini ehtiva edən çoxlu sayda hədis və rəvayət mövcuddur. Bu hədis və rəvayətlərə əsasən həmin şəxsin adının Üzeyir və ya İrmiya, özünün sə Bəni-İsrail peyğəmbərlərindən olduğu məlum olur. Buxtunnəsr Beytülmüqəddəs əhalisi üzərində qələbə çaldı, hər yeri viran qoydu, əhalini qılıncdan keçirdi. Buxtunnəsrin qələbəsinin səbəbini yaxşılığa dəvət və pislikdən çəkindirmə ilə izah etmişlər. İrmiya bu xarabalığı və qətliamı görüb şəhəri tərk etmiş və öz-özünə “Allah onları necə dirildəcək?”, – deyə sual vermişdir. Allah-taala onu öldürüb yüz ildən sonra diriltmişdir. Bəzilərinin yazdığına görə, hər şeydən əvvəl onun gözləri bərpa olmuş və gözləri ilə sümüklərinin bir yerə necə toplaşmasını, bir-birinə necə yapışmasını, ətlə örtülməsini müşahidə etmişdir. O, damarlarının və oynaqlarının da necə birləşdiyini görmüşdür. Möminlərin əmiri İmam Əli (ə) buyurmuşdur: “Üzeyir ailəsini tərk edəndə əlli yaşı var idi, arvadı da hamilə idi. Allah-taala onu öldürüb, yüz ildən sonra diriltdi. Evinə qayıdanda oğlunun yüz yaşı var idi. Halbuki Üzeyir yenə də əlli yaşında idi. Oğlu onun özündən böyük idi.” O, üzüm və meyvə suyundan ibarət olan azuqəsinə baxdıqda, yüz ildən sonra onların heç birinin xarab olmadığını gördü. Allah-taala bu vasitə ilə Öz sonsuz qüdrətinin cüzi bir hissəsini ona göstərmək istəmişdi. Allahın bu peyğəmbəri özünün necə dirildiyini, mürəkkəb sümüklərinin necə öz yerlərini aldığını görüb demişdir: “Bilirəm ki, Allah hər şeyə qadirdir!”[190] (Xatırla ki,) İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” – dedikdə (Allah) buyurmuşdu: “Məgər inanmırsan?” (İbrahim:) “Əlbəttə, inanıram, lakin xatircəm olmaq istəyirəm”, – deyə cavab vermişdi. (Bu zaman Allah) buyurmuşdu: “Dörd quş növü seçib, onları (kəsdikdən sonra) parça-parça et və (bir-birinə qatıb) hər dağın başına bir parça qoy. Sonra onları çağır, tez yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət, hikmət sahibidir!” (Həm ölülərin bədənlərinin zərrələrindən xəbərdardır, həm də onları toplamağa qadirdir.) Mallarını Allah yolunda sərf edənlər yeddi sünbül bitirən və hər sünbülündə yüz dən olan toxum kimidirlər. Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar. Allah (qüdrət və rəhməti ilə) genişdir, (hər şeyi) biləndir. Mallarını Allah yolunda minnət qoymadan, əziyyət vermədən sərf edənlərin Rəbləri yanında mükafatı var. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. (Ehtiyacı olanlara deyilmiş) xoş bir söz və (onların kobud davranışlarını) bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. Allah ehtiyacsızdır, həlimdir! Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın. Belə şəxslər, üzərində (toxum səpilmiş nazik) torpaq (qatı) olan, gur yağış yağdıqda çılpaqlaşan daş parçasına bənzəyirlər. Onlar gördükləri işlərdən heç nə əldə etməzlər. Şübhəsiz ki, Allah kafirləri haqq yola yönəltməz! ——————————————————————————— Xeyriyyəçilik vasitəsilə sosial siniflər arasındakı uçurumun aradan qaldırılması: Bu və sonrakı ayələrin əsas mövzusu xərcləməkdir. Allah-taala bu ayələrdə xeyriyyəçiliyin savab və fəzilətini qeyd etməklə, möminlərə mallarını Allah yolunda xərcləməyə stimul verir. Allah yolunda xərcləməni İslam insan haqları kontekstində ən böyük əməli hökmlərdən biri kimi təqdim etmiş, bir qismini vacib, digər qismini müstəhəb elan edərək, insanlara ona əməl etmək göstərişi vermişdir. Zəkat, xums, maliyyə kəffarələri (cəzanın pulla kompensasiyası), vəqf, vəsiyyət, bəxşiş və sairə Allah yolunda xərcləmənin (vacib və müstəhəb) növlərindəndir. Bu məsələdə dinin məqsədi başqalarının maliyyə dəstəyi olmadan öz ehtiyaclarını ödəyə bilməyən sinifləri himayəyə almaq, onların həyat səviyyələrini yaxşılaşdırmaqdır. Din israfçılıq və bədxərcliyi imkanlı şəxslərə qadağan etməklə, onları dəbdəbəli həyatdan çəkindirir, bu vasitə ilə cəmiyyətin varlı və yoxsul sinifləri arasındakı məsafəni azaldır[191]. Allahın yolu və onun nümunələri: Bu və sonrakı ayələrdə “Allah yolunda” ifadə xərcləmənin ilkin xüsusiyyəti kimi göstərilmişdir. Yəni təkcə xərcləmə və sair deyil, görülən bütün işlərdə Allahın razılığının qazanılması qəsd edilməlidir. Rəvayətlərin birində qeyd edilir ki, bir kişi təhlükəli bir yerdən keçirmiş. Camaat deyir: “Əcəb, zirək adamdır. Kaş bu zirəkliyini Allah yolunda sərf edəydi.” Peyğəmbər buyurur: “Məgər Allah yolunda olmaq təkcə döyüşmək və öldürməklə məhdudlaşır? Allahın yolları çoxdur: Halal ruzi qazanmaq üçün evdən çıxmaq, səfərə yollanmaq, ata və ananın yaşayış xərclərini təmin etmək Allah yoludur; həyat yoldaşı və övlad üçün halal ruzi qazanmaq məqsədilə səfərə çıxmaq Allah yoludur; öz xərclərini təmin etmək üçün insanın səfərə çıxması da Allah yoludur. Daha çox sərvət əldə etmək və mal toplamaq üçün səfərə çıxan Şeytan yolundadır.”[192] Bu mühüm nüansa İmam Əliyə (ə) aid olan bir hədisdə də rast gəlinir: “Allah yoxsulların ruzisinin varlıların mallarından verilməsini vacib etmişdir. Deməli, yoxsul yalnız haqqı varlı tərəfindən mənimsənildikdə ac qalır. Allah onları bu əməllərinə görə sorğuya çəkəcək.”[193] Əməlin savabını artırmaq: Bu ayə xərcləmək haqqında olsa da, ayənin “Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar” cümləsi təkcə xərcləməklə bağlı deyil, ümumilik ifadə edir. Ayənin mənası, əslində, belədir: “Allah istədiyi hər bir xeyir əməl sahibinin əməlini bir neçə dəfə artırar.” Belə ki, xeyriyyəçinin xərclədiyini yeddi yüz dəfə artırmaq istəsə, artırar. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulmuşdur: “Əgər mömin işini yaxşı icra etsə, Allah onun əməlini yeddi yüz dəfə artırar. Allahın “Allah onu istədiyi kimsə (layiq olan) üçün qat-qat artırar” cümləsi bunu deməyə əsas verir. Buna görə də hər bir əməli ilahi savab ümidi ilə yaxşı yerinə yetirin.” Bu hədisin rəvayətçisi belə qeyd edir: Mən “yaxşı şəkildə yerinə yetirin” deyərkən nəyi qəsd edirsiniz?” – deyə soruşduqda həzrət buyurdu: “Məsələn, namaz qılırsan, rüku və səcdələri yaxşı şəkildə yerinə yetirirsən. Oruc tutarkən orucunu batil edən hər şeydən uzaq durursan. Həccə gedərkən həcc və ümrəni pozan bütün davranışlardan qorunursan. Hər bir əməli edəndə də bütün çirkinliklərdən təmiz olmalıdır.”[194] Mallarını Allahın razılığını qazanmaq və ruhlarını gücləndirmək (insani vərdişləri ruhda möhkəmlətmək) yolunda sərf edənlər yüksəklikdə olan bir bağa bənzərlər ki, ora düşən bol yağış (təmiz hava və yetərli dərəcədə günəş işığı) onun meyvələrini ikiqat artırar. Əgər bol yağış yağmasa, narın yağış (da ona kifayət edər). Həqiqətən, Allah nə etdiyinizi görəndir! Məgər sizdən biriniz istərmi ki, ağacları altından çaylar axan, rəngarəng meyvələri olan xurma və üzüm bağı olsun, zəif uşaqları olduğu halda, ona qocalıq üz versin, həmin vaxtda da oraya odlu bir qasırğa düşsün və o bağ od tutub yansın? (Öz mallarını riyakarlıqla, minnət və əziyyət verərək xərcləyənlərin vəziyyəti belədir.) Allah ayələri sizin üçün bu cür aydınlaşdırır ki, bəlkə düşünəsiniz. Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan çıxardığımız şeylərin (mədənlər, ağac və bitkilər) yaxşılarından (Allah yolunda) sərf edin! Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur və şükürə (tərifə) layiqdir! Şeytan (xərcləyərkən) sizi yoxsulluqla qorxudaraq, çirkin işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət vədi verər. Allahın qüdrəti genişdir. (O, hər şeyi) biləndir (buna görə də bütün vədlərinə əməl edir). Allah istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilər. Bunu yalnız ağıllı adamlar dərk edərlər! ————————————————————————————- İxlasın xeyriyyəçiliyə təsiri: Bu və əvvəlki ayədə iki gözəl misalla öncə minnət, əziyyət, riyakarlıq qarışmış xeyriyyəçiliyin həqiqəti təsvir edilmiş, sonra ixlas, dini və humanist hisslərdən qaynaqlanan xeyriyyəçilikdən söhbət açılmışdır. Əvvəlki ayədə riyakarlıqla müşayiət edilən əməl üzəri nazik torpaq qatı ilə örtülmüş, zahirən bəzəkli, yamyaşıl, daxilən isə sərt və nahamar olan, gur yağış yağdıqda zahiri gözəlliyindən əsər-əlamət qalmayan daş parçasına bənzədilmişdir. Riyakar adamlar da öz faydasız və sərt batinlərini xeyrxahlıq siması altında gizlədirlər, heç bir sabit kökü olmayan əməllər edirlər. Lakin çox çəkmir ki, həyat pərdələri onların üzərindən kənara çəkir və batinlərini aşkara çıxarır[195]. 266-cı ayədə qeyd edilmiş misal yalnız Allah üçün edilmiş xeyriyyəçiliyin əsla təsirsiz olmadığını və şübhəsiz ki, tezliklə öz təsirini göstərəcəyini başa salır. Belə xeyriyyəçilik Allahın diqqət və qayğısından kənarda qalmır; ilahi yönə malik olduğu üçün Allahın Özü kimi əbədiləşir. Əlverişli və məhsuldar ərazidə yerləşdiyi üçün istənilən cür yağış yağdıqda məhsul verən, məhsulunun keyfiyyət və kəmiyyəti yağışın növündən və miqdarından asılı olan bağ kimi, Allahın da ixlas dərəcələrindən asılı olan qayğısı fərqlidir[196]. Yaxşı şeylərin xərclənməsi ilə bağlı tövsiyə: Bu ayə ilə bağlı qeyd edilmiş rəvayətlərin birində belə deyilir: “Allah Rəsulu (s) xurma zəkatının toplanmasına göstəriş verdikdə, bəziləri zəkat vermək üçün dənəsi iri və əti az olan ən pis və quru xurma növünü, bəziləri isə ən yaxşı xurmalardan seçirdilər. Peyğəmbər (s) buyurdu: “Bundan sonra dənli bitkilərin miqdarını təyin edəndə dənəsi iri və əti az olan ən pis və quru xurma növünü hesablamayın və onu zəkat verməyin.” Məhz bu zaman “yaramaz şeylərdən verməyin…” ayəsi nazil oldu.”[197] Allahın vədi və Şeytanın vədi: Bu ayə ilə bağlı nəql edlmiş rəvayətlərin birində belə qeyd edilmişdir: “Şeytan həmişə deyir: “Xərcləməyin ki, özünüz yoxsullaşacaqsınız.” Ancaq Allah bağışlanma və bərəkət vədi verir. Yəni Allah yolunda xərcləsəniz, həm sizi bağışlayacaq, həm də Öz fəzli ilə həmin malın yerini dolduracaq.”[198] Hikmət və çoxlu xeyir: Hikmətin mənası xüsusi şəkildə möhkəmlətmək və ya nəyinsə hər hansı zəifləmə və xəsarətə məruz qalmayacaq dərəcədə möhkəmləndirilməsidir. Adətən bu söz yalan və yanlışdan uzaq olan rasional elmlər haqqında işlədilir. Hikmət reallığı əks etdirən və insanın xoşbəxtliyində rol oynayan düzgün bilgidir. Başlanğıc və qayıdış mövzularını ehtiva edən ilahi maarifi və ya təbiət reallıqlarının izahını verən elmləri buna misal göstərə bilərik. Buna görə də hədis və rəvayətlərdə hikmət Allahtanıma, bəsirət, dini ayıqlıq, Allaha itaət, imamtanıma kimi izah edilmişdir. Çünki bu maarif insan səadətinin əsasını təşkil edir[199]. İmam Sadiqə (ə) aid olan bir hədisdə belə buyurulmuşdur: “Hikmət, tanımanın çırağı, təqvanın ölçü vasitəsi, doğruçuluq və dürüstlüyün nəticəsidir. Əgər Allahın bəndəyə hikmətdən daha böyük, uca, bol və əzəmətli bir nemət vermədiyini desək, yanılmarıq. Çünki Allah: “Allah istədiyi (layiq gördüyü) şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Hikmət bəxş edilmiş şəxsə çoxlu xeyir bəxş edilər”, – deyə buyurmuşdur…”[200] Yaddan çıxarmamalıyıq ki, Quranın leksikonundakı hikmətlə rasional elmlərin mövzusu olan hikmət fərqlidir. Əslində, hikmət ənənəvi təqlidlə uyğunluq təşkil etməyən tədqiqi tanımadır[201]. (Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər şeyi Allah bilir, lakin zülm edənlərin heç bir köməkçisi yoxdur! Yoxsullara aşkarda sədəqə versəniz, yaxşıdır. Əgər onu gizlində versəniz, daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. (Allah yolunda bağışladığınıza görə bağışlanacaqsınız.) Allah tutduğunuz hər bir işdən xəbərdardır! İnsanları doğru yola (məcburi şəkildə) yönəltmək sənin borcun deyil. (Buna görə də çıxılmaz vəziyyətdə qalıb İslamı qəbul etmələri üçün qeyri-müsəlmanlara edilən yaxşılığı tərk etmək düzgün deyil.) Allah kimi istərsə (layiq görsə), onu doğru yola yönəldər. Allah yolunda sərf etdyiniz malın mənfəəti və etdiyiniz yaxşılıqlar özünüz üçündür. Malınızı yalnız Allahın razılığını qazanmaq üçün sərf edin. Allah yolunda etdiyiniz hər bir yaxşılığın mükafatı sızə tam şəkildə veriləcək və sizə əsla zülm edilməyəcək! (Allah yolunda etdiyiniz yaxşılıqların ünvanı) Allah yolunda çətinliyə düşən (Allah dininə diqqət onları öz vətənlərindən didərgin salmış, müharibə meydanında iştirak onlara dolanışıqlarını təmin etməyə, qazanc əldə etməyə, ticarətlə məşğul olmağa imkan vermir), (sərmayə əldə etmək üçün) səfərə çıxa bilməyən, həyalı olduqları üçün məlumatsız insanların ehtiyacsız sandıqları ehtiyaclılar olmalıdır. Sən onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Allah yolunda etdiyiniz hər bir yaxşılıqdan Allah xəbərdardır! Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. ————————————————————————————- Nəzir: Bu sözün mənası qorxudur. İnsan istəyinə nail ola bilməyəcəyindən qorxduğu üçün öz-özlüyündə şərt kəsir ki, istəyinə nail olsa, xüsusi bir iş görəcək. Əlbəttə, haram və dinə zidd olan işlərin nəzir edilməsi batildir. Nəzir yalnız halal işlərdə düzgündür. Nəzir boyun almağın sözlə ifadə edilən xüsusi bir forması var. Nəzrinə əməl etməyən şəxs cərimə ödəməlidir. Nəzrin hökmləri fiqh kitablarında və əməli traktatlarda (şəriət məsələlərinin izahı kitablarında) təfsilatı ilə şərh edilmişdir[202]. Gizli və aşkar sədəqə: Allah-taala bu ayədə sədəqənin gizli və aşkar olmaqla hər iki formasını tərifləmişdir. Çünki onların hər ikisinin müsbət təsirləri vardır. Aşkar sədəqə insanlara stimul verir, onların yaxşı işə cəlb olunmasında əməli şəkildə rol oynayır, habelə yoxsul və çarəsizlərdə ümid yaranmasına səbəb olur. Yoxsullar cəmiyyətdə onların qayğısına qalan mərhəmətli insanların olduğunu hiss edirlər. Bu da onların ümidlərini itirməməsinə səbəb olur. Gizli sədəqənin faydası ondadır ki, riyakarlıq, minnət və narahatçılıqdan uzaqdır, yoxsulun abrının qorunması ilə nəticələnir. Buna görə də bu sədəqədə ixlas aşkar verilən sədəqədəki ixlasdan çoxdur. Ümimiyyətlə, aşkarda verilən sədəqənin müsbət nəticələri gizlində verilən sədəqənin nəticələrindən çox olsa da, gizlində verilən sədəqənin ixlas və təmizliyi aşkarda verilən sədəqənin ixlasından çoxdur[203]. Həzrət Əli (ə) bu barədə belə buyurmuşdur: “Gizlində verilən sədəqə günahların cəriməsidir, aşkarda verilən sədəqə isə pis ölümün qarşısını alır.”[204] Başqa bir hədisdə belə qeyd edilir: “Allahın kölgəsindən başqa bir kölgə olmadığı vaxt O, yeddi qrup insana Öz lütf və mərhəmət kölgəsində sığınacaq verəcək. Onlardan biri də gizlində sədəqə verən, sağ əlinin verdiyindən sol əlinin xəbəri olmayan şəxsdir.”[205] Qeyri-müsəlmana yaxşılıq edilməsi və onun şərtləri: Bu ayədə qeyri-müsəlmana edilən yaxşılığın sərhədləri müəyyən edilir. Belə ki, yoxsulluq içində qalıb İslamı seçmək məcburiyyətində qalmalarına nail olmaq məqsədi ilə qeyri-müsəlman yoxsullara sədəqə verilməməsi düzgün deyil. Allahın nemət və bəxşişləri dinindən və inancından asılı olmayaraq, bu dünyadakı bütün insanlara şamil olduğu üçün möminlər də sədəqə verərkən və yoxsullara yardım göstərərkən qeyri-müsəlmanları da nəzərə almalıdırlar. Əlbəttə, qeyri-müsəlmana yaxşılıq insani yardım səciyyəsi daşımalı, onları İslamın humanist ruhu ilə tanış etməli, düşmənlərin küfrünün güclənməsinə və düşmənlərin məkrli planlarının inkişafına xidmət etməməlidir[206]. Bu ayənin nazilolma səbəbindən bəhs edən rəvayətlərdə qeyd edilir ki, İslamın ilk illərində Peyğəmbər (s) müsəlmanların qeyri-müsəlmanlara sədəqə verməsinə icazə vermirdi, müsəlmanlar özləri də öz kafir qohumlarına sədəqə verməyə meyl göstərmirdilər. Sonra Allah “Bəqərə” surəsini nazil edib, kafir yoxsullara da sədəqə verilməsinə icazə verdi[207]. İmam Əlinin (ə) xeyriyyəçiliyi: Çoxlu sayda hədisdə bu ayənin İmam Əli (ə) haqqında nazil olduğu qeyd edilmişdir. Deyilənə görə, o həzrətin dörd dirhəmi var imiş. Bir dirhəmini gecə, bir dirhəmini gündüz, bir dirhəmini aşkar, bir dirhəmini gizlində Allah yolunda sərf etdikdən sonra bu ayə nazil olmuşdur. Əlbəttə, ayənin nazilolma səbəbi ayənin mənasını məhdudlaşdırmır. Yəni başqaları da bu ayəyə əməl etsələr, ayənin hökmü onlara da şamil olar[208]. Sələm yeyənlər (Qiyamət günü) yalnız Şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar). Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir (bu ikisi arasında heç bir fərq yoxdur)!” – dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir (çünki bu ikisi arasında çox böyük fərq var). Əgər kimsə Rəbbi tərəfindən gələn nəsihəti qəbul edərək (sələm yeməkdən) çəkinsə, keçmişdə (haram hökmü gəlməzdən) əldə etdiyi mənfəətlər onundur. Onun işi Allaha həvalə edilir. (Allah onun keçmişini bağışlayacaq.) Amma qayıdanlar (bu günahı yenidən davam etdirənlər) cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi məhv edər, sədəqələri artırar. Allah heç bir nankoru, günahkarı sevməz! İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin mükafatı Rəbləri yanındadır. Onların heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! Ey iman gətirənlər! Əgər möminsinizsə, doğrudan, Allahdan qorxun və sələmdən qalan məbləğdən imtina edin! Əgər belə etməsəniz, bilin ki, Allah və Rəsulu sizinlə müharibə aparacaq. Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar! Əgər sizə borcu olan şəxsin borcunu ödəməyə imkanı çatmazsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! (Əgər həqiqətən, ödəməyə imkanı çatmırsa), əgər (bu işin xeyrini) bilsəniz, Allaha görə bağışlamağınız daha yaxşıdır! Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi kamil şəkildə veriləcək və heç kəsə qarşı haqsızlıq edilməyəcək. (Çünki qarşılarına çıxanlar əməllərinin nəticələri olacaq.) —————————————————————————————– Sələmin mənfi təsirləri: Bu və sonrakı ayələrdə sələmdən bəhs edilir. Sələm sədəqənin əksi olduğu üçün sözügedən ayənin Allah yolunda xərcləməkdən bəhs edən əvvəlki ayələrlə əlaqəsi var. Sələm yeyən adam əvəzsiz pul alır, sədəqə verən isə əvəzsiz pul verir. Sələm siniflər arasında ixtilafa və düşmənçiliyə səbəb olduğu halda, sədəqə sevgi və dostluğu artırır. Sələm yoxsulların qanının sorulmasına, sədəqə isə çarəsizlərin həyatının yaxşılaşmasına, sələm ixtilaf və qeyri-sabitliyə, sədəqə isə vəhdətə və əmin-amanlığa səbəb olur. Allah-taala bu ayədə din düşmənlərinin hakimiyyətinin qəbul edilməsi istisna olmaqla, heç bir günahla bağlı işlətmədiyi olduqca sərt bir ifadədən istifadə etmişdir. Quranda bu iki günaha münasibət zina, şərabxorluq, qumar, zülm və sair kimi digər böyük günahlara olan münasibətdən fərqlənir. Çünki pis təsirləri dinin əsasını, insan həyatını və ilahi fitrəti məhv edən bu iki günahdan fərqli olaraq, digər günahların fəsadları təkcə bir neçə nəfəri və həyatın zahiri yönlərini əhatə edir[209]. Quran və məsumlar (ə) sələmə qarşı çox ciddi və kəskin şəkildə mübarizə aparmışlar. Bu əməllə bağlı çoxlu sayda kəskin məzmunlu hədis və rəvayətlər nəql edilmişdir. İmam Sadiq (ə) buyurmuşdur: “Bir dirhəm sələm almağın günahı öz məhrəmi ilə Kəbədə yetmiş dəfə zina etmiş şəxsin günahından böyükdür.” İmam Sadiqə (ə) istinad edilən başqa bir hədisdə belə qeyd edilir: “Günahının böyüklüyü baxımından sələmin yetmiş dərəcəsi var. Ən kiçik dərəcəsi Kəbədə anasına təcavüz etmiş şəxsin günahı qədərdir.”[210] Bu ayədə sələm yeyənlərin davranışı yaxşı ilə pisi fərqləndirməyən dəlinin davranışına bənzədilmişdir. Çünki o, bir şeyi başqasına bir müddətliyə verir, əvəzində isə həmin şeyi daha çox miqdarda alır. Bu isə fitrətə və sağlam vicdana ziddir. Sağlam vicdan insanın özünün ehtiyac duymadığını başqa ehtiyaclılara verməyi, başqalarında olanla isə öz ehtiyaclarını təmin etməyi tələb edir. Amma sələm birtərəflidir. Sələmçi yalnız alır, varlanır, nəticədə, başqalarını yoxsul və çarəsiz edir. Bu da sələm yeyən adamın ağlını itirməsinə, alqı-satqı ilə sələm arasında fərq qoyamamasına, təkcə öz mənafeyini güdməsinə səbəb olur. Ayədə sələmçinin öldükdən sonra Qiyamət günü düşəcəyi bu vəziyyətin təsviri verilmişdir. Peyğəmbərə (s) aid edilən bir hədisdə belə buyurulmuşdur: “Merac gecəsi qarınları çox böyük olduğu üçün yerlərindən qalxa bilməyən adamlar gördüm. Cəbrayıldan soruşdum: “Bunlar kimdir?” Dedi: “Bunlar dünyada sələm yeyən şəxslərdir. Allah onların barəsində belə buyurmuşdur: “Sələm yeyənlər (Qiyamət günü) yalnız Şeytan toxunmuş kimi qalxarlar (müvazinətlərini saxlaya bilməz, gah yıxılıb, gah durarlar).” Bunlar səhər-axşam oda atılan və: “İlahi, Qiyamət nə vaxt olacaq?” – deyən Firon davamçıları kimidirlər.” Peyğəmbərə aid edilən başqa bir hədisdə belə qeyd edilir: “Sələm yeyən adam Qiyamətdə dəli kimi qaldırılacaq, ayaqlarını yerlə sürüyəcək.” Bu sözlərdən sonra “sələm yeyənlər…” ayəsini oxumuşdur[211]. Ey iman gətirənlər! Müəyyən müddətədək bir-birinizə borc verdikdə onu yazın. (Həmin sənədi) aranızdan bir nəfər katib ədalətlə yazmalıdır. Yazmağı bacaran şəxs Allahın öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmamalıdır. O yazmalı, üzərində haqq olan yazdırmalı, Rəbbi olan Allahdan çəkinməli və heç nəyi ötürməməlidir. Əgər borc alan ağıldan kəm və ya ruhi xəstədirsə və yaxud (lal olduğu üçün) özü deyib yazdıra bilmirsə, (əvəzində) qəyyumu ədalətlə yazdırmalıdır. Aranızdan iki (adil) kişini (bu həqiqətə) şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz və etibar etdiyiniz bir kişi və iki qadın seçin (bu iki qadın birlikdə şahidlik etsinlərlər) ki, biri yayındıqda, o birisi ona xatırlatsın. Şahidlər (şahidlik etməyə) çağırıldıqda boyun qaçırmamalıdırlar. Az və ya çox olmasından asılı olmayaraq (borcunuzu) yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə (mübahisəyə) düşməməyiniz üçün daha yaxşıdır. Lakin aranızda gedən nağd ticarət istisnadır. Bunu yazmamağınız sizin üçün günah deyildir. (Nağd) alqı-satqı etdikdə şahid tutun. Katibə və şahidə (doğrunu söylədiyi üçün) zərər verilməməlidir (təzyiq göstərilməməlidir). Əgər belə etsəniz, Allahın əmrindən çıxmış olarsınız. Allahdan qorxun. Allah sizə öyrədir və Allah hər şeyi biləndir. ——————————————————————————— Ticarət sənədlərinin tənzimlənməsi ilə bağlı on səkkiz göstəriş: Bu ayədə “qərz” deyil, “deyn” sözü işlənmişdir. “Qərz” sözündən bir-birinə bənzəyən iki şeyin mübadiləsində istifadə edilir. Məsələn, bir nəfər oxşarını qaytaracağı bir şeyi borc götürdükdə bu sözdən istifadə edilir. Ancaq “deyn” alqı-satqı və borcun formasından asılı olmayaraq, bütün borc növlərinə şamil olunur. Tərəflərdən birinin öhdəlik götürdüyü icarə, sülh, alqı-satqı və sairəni buna misal göstərə bilərik. Quranın ən uzun ayəsi olan bu ayədə alqı-satqı ilə bağlı on səkkiz qayda təqdim edilmişdir. Həmin qaydalar bunlardır: 1. Əgər bir nəfər başqasına borc versə və ya tərəflərdən birinin borclu qalması ilə nəticələnəcək alqı-satqı baş versə, sonradan heç bir səhvə yol verilməməsi və hər hansı iddia irəli sürülməməsi üçün bütün şərtləri ehtiva edən bir müqavilə tərtib edilməlidir; 2. Müqavilənin tərəflərin ehtimal edilən müdaxiləsindən qorunması üçün o, üçüncü şəxs tərəfindən yazılmalıdır; 3. Katib müqaviləni yazarkən haqqı rəhbər tutmalı və həqiqəti yazmalıdır; 4. Alqı-satqının hökm və şərtlərindən xəbərdar olan tənzimləyici Allahın ona verdiyi bu nemətə hörmət və təşəkkür əlaməti olaraq, müqavilə yazmaqdan boyun qaçırmamalıdır, hətta mübadilə tərəflərinə bu ictimai işdə yardım göstərməlidir; 5. Katibin müqaviləni yazması üçün şərtləri ona alqı-satqı tərəflərindən biri deməlidir. Yazdıranın kim olmasına gəlincə, ayədə bu məsuliyyət borclu olan, yəni üzərində haqq olan şəxsə tapşırılmışdır; 6. Borclu olan şəxs yazdırarkən Allahı yaddan çıxarmamalı, heç nəyi ötürməməli, yazması üçün hər şeyi katibə deməlidir; 7. Əgər borclu ağıldan kəm (öz maliyyə işlərini tənzimləməyi bacarmayan, xeyrini və zərərini müəyyənləşdirə bilməyən şəxs), ruhi xəstə, lal və kar olarsa, müqaviləni onun əvəzində qəyyumu yazdırmalıdır; 8. Qəyyum və vəkil yazdırarkən ədalətə riayət etməli, qəyyumu olduğu şəxsin mənafeyini nəzərə almalı, haqsızlığa yol verməməlidir; 9. Müqavilə yazmaqla yanaşı tərəflər iki şahid də tutmalıdırlar. 10-11. Şahidlər yetkin və müsəlman olmalıdırlar; 12. Bir kişi və iki qadın da şahidlik edə bilər; 13. Şahidlər etimad göstərilən və etirbarlı şəxslər olmalıdırlar; 14. Şahidlər kişi olarlarsa, müstəqil şəkildə şahidlik edə bilərlər. Bir kişi və iki qadın olduğu təqdirdə isə birlikdə şahidlik etməlidirlər. Bu da ona görədir ki, əgər onlardan biri emosiyalara qapılıb təsir altına düşərsə, şahidlik işində səhvə yol verməməsi üçün digəri ona xatırlatsın; 15. Az və ya çox olmasından asılı olmayaraq, borc yazılmalıdır; 16. Əgər alqı-satqı nağd olarsa, yazmaq lazım deyil; 17. Nağd alqı-satqıda sənəd tərtib edilməsi lazım olmasa da, şahidin olması zəruridir; 18. Haqq və ədalətə riayət etdikləri üçün katib və şahidlərə təzyiq göstərilməməli, əziyyət verilməməlidir. Bu ayədə alqı-satqı sənədinin detallı şəkildə tənzimlənməsi ilə bağlı qeyd edilmiş dəqiq hökmlər Quranın müsəlmanların iqtsadi məsələlərinə və fəaliyyətlərinin tənzimlənməsinə çox böyük diqqət ayırdığını göstərir. Quranın oxuma-yazma və təhsil problemi olan inkişaf etməmiş bir cəmiyyətdə müqavilə tənzimlənməsinə xüsusi diqqət ayırması bu səmavi kitabın müsəlmanların iqtisadi sistemində islahatlar aparılmasına ciddiyyət göstərdiyindən xəbər verir[212]. Əgər səfərdə olsanız və katib tapmasanız, girov alın. (Borc yiyəsinə girov verilsin.) Əgər bir-birinizə (tam) etibar edirsinizsə, (girov lazım deyil və) etibar olunmuş şəxs borcunu (təyin olunan vaxtda) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun. Şahidliyi gizlətməyin. Onu gizlədən şəxsin qəlbi günahkardır. Allah etdiklərinizi bilir. Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. (Buna görə) ürəyinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah sizi ona uyğun hesaba çəkəcək. İstədiyini (layiq olanı) bağışlayar, istədiyinə (layiq olana) da əzab verər. Allah hər şeyə qadirdir. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə iman gətirdi. Möminlər də hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər (və dedilər:) “Biz Onun elçiləri arasında fərq qoymuruq (hamısına inanırıq)”. Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanmaq diləyirik və dönüş(ümüz) yalnız Sənədir”. Allah hər kəsin üzərinə yalnız gücü yetdiyi qədər məsuliyyət qoyur. (İnsanın) gördüyü (yaxşı) iş öz xeyrinə, (pis) iş isə öz əleyhinədir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərin üzərinə (günah etdikləri üçün) qoyduğun ağır məsuliyyəti, bizim üzərimizə qoyma! Ey Rəbbimiz, bizi gücümüz çatmayan şeyi daşımağa vadar etmə! Günahın nəticələrini bizdən uzaq et, bizi bağışla və bizə rəhm et! Sən bizim hamimizsən. Kafirlər üzərində (qələbə çalmaqda) bizə kömək et!” ————————————————————————————— Bəndələrin qəlbində olanlara görə hesabat: Bəzən belə bir təsəvvür yaranır ki, bu ayə “günahın niyyəti günah deyil” məzmununu ifadə edən çoxlu sayda hədislə təzad təşkil edir. Bəzi böyük təfsirçilər bu iradı belə cavablandırmışlar: “Ürəyinizdə olan” ifadəsi qəlbdə sabitləşmiş pis və yaxşı xüsusiyyətləri və əxlaqı ifadə edir. İnsanın sərgilədiyi davranışlar onun ruhunda sabitləşmiş iman, küfr, sevgi, nifrət və bu kimi xüsusiyyətlərdən qaynaqlanır. Lakin bu ayənin məzmunu bəzən qeyri-ixtiyari şəkildə təsəvvür edilən, insanın həyata keçirməkdə qərarlı olmadığı günah fikrinə şamil olmur[213]. “Bəqərə” surəsinin son iki ayəsini oxumağın savabı: Çoxlu sayda hədisdə bu və sonrakı ayəni oxumağın çox böyük savabı olduğu qeyd edilmişdir. Bəzi hədislərin məzmunu belədir: Hər kəs bu iki ayəni işa namazından sonra oxusa, bütün gecəni namaz və ibadətlə keçirmiş adamın savabını qazanar. Habelə, bu ayənin oxunduğu evə Şeytan daxil ola bilməz[214]. Unutqanın cəzalandırılmaması: Təfsirçilər bu ayənin “ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma!” cümləsini təfsir edərkən belə qeyd etmişlər: “Unutmaq iki cürdür: Birincisi, insanın bərpa edə bilməyəcəyi unutqanlıq. Xəstəlik nəticəsində yaddaşını itirmiş şəxsi buna misal göstərə bilərik. Şübhəsiz ki, belə bir şəxsin cəzası yoxdur. İkincisi, insanın öz diqqətsizliyi üzündən baş vermiş və cəzası da ola biləcək unutqanlıq. Bu ayədə insana bu növ unutqanlıq və xətaya görə bağışlanma istəməsi öyrədilir[215]. Asan din: “İsr” sözünün ərəb dilində mənası saxlamaq və həbs etməkdir. “İsr” insanı fəaliyyətdən saxlayan ağır işə deyilir. Qeyd olunan söz insanı məhdudlaşdıran əhd-peymanlara da şamil edilir. Buna görə də bəzən cəza və cərimələrə “isr” deyilr. Bu cümlədə möminlər Allahdan bəzən özlərinin Allaha itaətsizlik göstərməsinə səbəb olan ağır vəzifələrə görə bağışlamasını diləyirlər. Bu, Peyğəmbərin (s) İslam qanunları ilə bağlı qeyd etdiyi mənanı ifadə edir: “Mən elə bir din gətirmişəm ki, ona əməl etmək hamı üçün asan və rahatdır.” Quran ayələrinə əsasən keçmiş ümmətlərə vacib edilmiş ağır vəzifələr və çətinliklərin səbəbi onların mənsub olduqları din deyil, ilahi əmrlərdən boyun qaçırmaq və itaətsizlik olmuşdur. Bu ağır vəzifələr onlara cəza tədbiri olaraq vacib edilmişdir. “Ənam” surəsinin 146-cı ayəsində İsrail övladları haqqında belə buyurulmuşdur: “Yəhudilərə dırnaqlı (təkdırnaqlı) heyvanların hamısını haram etdik. İnək və qoyunun bellərinə və ya bağırsaqlarına yapışan, yaxud sümüklərinə qarışan yağlar müstəsna olmaqla, onların piylərini də onlara haram buyurduq. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz sözündə doğru olanlarıq!”[216] [1] “Əl-Mizan”, c. 1, səh. 46. [2] “Safi”, c. 1, səh. 90. [3] “Nümunə”, c. 1, səh. 62. [4] “Kəşşaf”, c. 1, səh. 35. [5] “Məcməül-bəyan”, c. 1, səh. 65. [6] “Təfsiri-mövzui”, c. 1, səh. 183. [7] “Ətyəbül-bəyan”, c. 1, səh. 210. [8] “Əl-Mizan”, c. 1, səh. 55. [9] “Təfsiri-mövzui”, c. 6, səh. 67. [10] “Əl-Mizan”, c. 2, səh. 228. [11] Yenə orada, c. 5, səh. 387. [12] “Kəşşaf”, c. 1, səh. 65. [13] “Əl-Mizan”, c. 7, səh. 331. [14] “Məcməül-bəyan”, c. 1, səh. 49. [15] “Ətyəbül-bəyan”, c. 1, səh. 399. [16] “Tövhid”, Şeyx Səduq, səh. 163, hədis: 1. [17] “Kəşşaf”, c. 1, səh. 67; “Nümunə”, c. 2, səh. 32. [18] “Nümunə”, c. 1, səh. 117. [19] “Nümunə”, c. 1, səh. 117. [20] “Ətyəbül-bəyan”, c. 1, səh. 463; “əl-Mizan”, c. 1, səh. 92. [21] “Təfsiri-mövzui”, c. 5, səh. 379. [22] “Təsnim”, c. 2, səh. 463. [23] “Nümunə”, c. 1, səh. 145. [24] “Ətyəbül-bəyan”, c. 1, səh. 480. [25] “Təfsiri-mövzui”, c. 1, səh. 432. [26] “Nümunə”, c. 1, səh. 150. [27] “Ətyəbül-bəyan”, c. 1, səh. 484. [28] “Nümunə”, c. 1, səh. 156. [29] “Peyami-Quran”, c. 7, səh. 202. [30] “Nümunə”, c. 1, səh. 186. [31] “Ətyəbül-bəyan”, c. 2, səh. 7. [32] “Nümunə”, c. 1, səh. 202. [33] “Ətyəbül-bəyan”, c. 2, səh. 8. [34] “Əl-Mizan”, c. 1, səh. 152. [35] “Nümunə”, c. 1, səh. 219. [36] Yenə orada, səh. 221. [37] “Əl-Mizan”, c. 1, səh. 154. [38] “Peyami-Quran”, c. 6, səh. 525-507. [39] “Nümunə”, c. 16, səh. 12. [40] “Nümunə”, c. 8, səh. 375. [41] “Əl-Mizan”, c. 1, səh. 190. [42] “Nümunə”, c. 1, səh. 255. [43] “Əl-Mizan”, c. 1, səh. 191. [44] “Ətyəbül-bəyan”, c. 2, səh. 41. [45] “Məcməül-bəyan”, c. 1, səh. 230. [46] “Nümunə”, c. 1, səh. 269. [47] “Ətyəbül-bəyan”, c. 2, səh. 44. [48] “Qamusi-Quran”, c. 6, səh. 260. [49] “Nümunə”, c. 1, səh. 278. [50] “Ətyəbül-bəyan”, c. 2, səh. 26. [51] “Mənşuri-cavid”, c. 3, səh. 217. [52] “Əl-Mizan”, c. 1, səh. 197; “Ətyəbül-bəyan”, c. 2, səh. 50. [53] “Əl-Mizan”, c. 1, səh. 203. [54] Yenə orada, c. 1, səh. 202. [55] “Əl-Mizan”, c. 1, səh. 214. [56] “Nümunə”, c. 1, səh. 319. [57] “Nümunə”, c. səh. 322; “Mənşuri-cavid”, c. 8, səh. 68. [58] “Əl-Mizan”, c. 1, səh. 218. [59] “Nümunə”, c. 1, səh. 231. [60] Yenə orada, c. 20, səh. 455. [61] “Nəhc əl-bəlağə”, qısa kəlamlar: 456. [62] “Nümunə”, c. 1, səh. 338. [63] “Əl-Mizan”, c. 1, səh. 221. [64] “Nümunə”, c. 1, səh. 346. [65] “Əyyaşi”, c. 1. səh. 143. [66] “Nümunə”, c. 1, səh. 354. [67] “Əl-Mizan”, c. 1, səh. 227. [68] “Nümunə”, c. 1, səh. 364. [69] “Əl-Mizan”, c. 8, səh. 266. [70] “Əl-Mizan”, c. 17, səh. 9. [71] “Nümunə”, c. 1, səh. 370. [72] Yenə orada, səh. 376. [73] Yenə orada, səh. 377. [74] Yenə orada, səh. 379. [75] “Nümunə”, c. 1, səh. 390. [76] “Ətyəbül-bəyan”, c. 2, səh. 145. [77] “Əl-Mizan”, c. 1, səh. 254. [78] “Nümunə”, c. 1, səh. 411. [79] Yenə orada, səh. 414. [80] “Təfsiri-mövzui”, c. 8, səh. 112. [81] “Ətyəbül-bəyan”, c. 2, səh. 170. [82] “Əl-Mizan”, c. 1, səh. 262. [83] Yenə orada, c. 1, səh. 262; “Nümunə”, c. 1, səh. 436. [84] “Təfsiri-mövzui”, c. 3, səh. 221. [85] “Nümunə”, c. 1, səh. 447; “Ətyəbül-bəyan”, c. 2, səh. 187. [86] “Ətyəbül-bəyan”, c. 2, səh. 197. [87] Yenə orada; “Mənşuri-cavid”, c. 5, səh. 84. [88] “Əl-Mizan”, c. 1, səh. 294; “Ətyəbül-bəyan”, c. 2, səh. 201. [89] “Əl-Mizan”, c. 1, səh. 299; “Ətyəbül-bəyan”, c. 2, səh. 206. [90] “Əl-Mizan”, c. 1, səh. 308. [91] “Safi”, c. 1, səh. 193. [92] “Əl-Mizan”, c. 1, səh. 310. [93] “Əl-Möcəm əl-vəsit”, səh. 249. [94] “Əl-Mizan”, c. 13, səh. 77. [95] “Səfinə əl-bihar”, c. 2, səh. 667. [96] “Əl-Mizan”, c. 13, səh. 402. [97] “Nümunə”, c. 1, səh. 465. [98] “Əl-Mizan”, c. 1, səh. 313 və 326. [99] “Ətyəbül-bəyan”, c. 2, səh. 228; “əl-Mizan”, c. 1, səh. 314. [100] “Ətyəbül-bəyan”, c. 2, səh. 240. [101] “Əl-Mizan”, c. 1, səh. 324. [102] Yenə orada, səh. 336. [103] “Təfsiri-mövzui”, c. 14, səh. 246. [104] “Əl-Mizan”, c. 1, səh. 349. [105] Yenə orada, 381. [106] “Əl-Mizan”, c. 1, səh. 389; “Nümunə”, c. 1, səh. 548. [107] “Səfinə əl-bihar”, c. 1, səh. 476. [108] “Əl-Mizan”, c. 1, səh. 404. [109] “Əl-Mizan”, c. 17, 251. [110] Bax: “Üsuli-Kafi”, “əl-Əql vəl-cəhl” fəsli. [111] “Nümunə”, c. 24, səh. 329. [112] “Üsuli-Kafi”, c. 1, səh. 28. [113] “Əl-Mizan”, c. 1, səh. 408. [114] “Əl-Mizan”, c. 1, səh. 416. [115] “Əl-Mizan”, c. 5, səh. 205. [116] “Nümunə”, c. 1, səh. 585. [117] “Nümunə”, c. 1, səh. 592; “Ətyəbül-bəyan”, c. 2, səh. 303. [118] “Təfsiri-mövzui”, c. 5, səh. 411. [119] “Mənşuri-cavid”, c. 1, səh. 121. [120] “Nümunə”, c. 1, səh. 618. [121] “Ətyəbül-bəyan”, c. 2, səh. 326. [122] “Əl-Mizan”, c. 2, səh. 31 və 36. [123] “Nümunə”, c. 1, səh. 634. [124] “Əl-Mizan”, c. 2, səh. 31, 36. [125] “Nümunə”, c. 1, səh. 649. [126] “Nümunə”, c. 1, səh. 650; “əl-Mizan”, c. 2, səh. 45. [127] “Nümunə”, c. 2, səh. 6. [128] “Nümunə”, c. 2, səh. 21. [129] “Müstələhat əl-fiqh”, səh. 208. [130] “Nümunə”, c. 2, səh. 37. [131] “Nümunə”, c. 2, səh. 55. [132] “Nümunə”, c. 1, səh. 79. [133] “Nəhc əl-bəlağə”, xütbə: 156. [134] “Nəhc əl-bəlağə”, xütbə: 16. [135] “Əl-Mizan”, c. 2, səh. 83, 87. [136] “Nümunə”, c. 2, səh. 66. [137] “Əl-Mizan”, c. 2, səh. 87. [138] “Nümunə”, c. 2, səh. 70. [139] “Əl-Mizan”, c. 2, səh. 99. [140] “Nümunə”, c. 2, səh. 81. [141] “Ətyəbül-bəyan”, c. 2, səh. 388; “Ala ər-Rəhman”, səh. 186. [142] “Əl-Mizan”, c. 2, səh. 145. [143] “Nümunə”, c. 2, səh. 100. [144] “Üsuli-kafi”, c. 2, səh. 278. [145] “Nümunə”, c. 2, səh. 107. [146] “Ətyəbül-bəyan”, c. 2, səh. 422. [147] “Nəhc əl-bəlağə”, xütbə: 159. [148] “Nümunə”, c. 2, səh. 117-122. [149] “Nümunə”, c. 2, səh. 133; “əl-Mizan”, c. 2, səh. 209. [150] “Nümunə”, c. 2, səh. 142. [151] “Nümunə”, c. 2, səh. 145. [152] “Ətyəbül-bəyan”, c. 2, səh. 448. [153] “Əl-Mizan”, c. 2, səh. 451. [154] “Ətyəbül-bəyan”, c. 2, səh. 448. [155] “Əl-Mizan”, c. 2, səh. 431. [156] “Səfinə əl-bihar”, c. 8, səh. 759. [157] “Nümunə”, c. 2, səh. 148. [158] “Nümunə”, c. 24, səh. 224. [159] “Nümunə”, c. 2, səh. 159; c. 24, səh. 224. [160] “Ətyəbül-bəyan”, c. 2, səh. 470. [161] “Vəsail əş-şiə”, c. 21, səh. 453. [162] “Tozih əl-məsail”, İmam Xomeyni, məsələ: 2488. [163] “Səfinə əl-bihar”, c. 3, səh. 362. [164] “Nümunə”, c. 16, səh. 34. [165] “Bihar əl-ənvar”, c. 101, səh. 107. [166] “Nümunə”, c. 2, səh. 203. [167] “Səfinə əl-bihar”, c. 2, səh. 323. [168] “Nümunə”, c. 2, səh. 203. [169] “Əl-Mİzan”, c. 2, səh. 250 [170] “Peyami-Quran”, c. 6, səh. 224. [171] “Ətyəbül-bəyan”, c. 2, səh. 485. [172] “Əl-Mizan”, c. 2, səh. 264. [173] “Nəhc əl-bəlağə”, məktub: 27. [174] “Ətyəbül-bəyan”, c. 2, səh. 488. [175] “Nümunə”, c. 2, səh. 208. [176] “Nümunə”, c. 2, səh. 223. [177] “Əl-Mizan”, c. 2, səh. 300. [178] “Nümunə”, c. 2, səh. 237. [179] “Əl-Mizan”, c. 2, səh. 302. [180] Yenə orada, səh. 303. [181] “Ətyəbül-bəyan”, c. 3, səh. 3. [182] Əl-Mizan, c.2, səh.341 [183] Ətyəbül-bəyan, c.3, səh.8 [184] Nümunə, c.2, səh.281 [185] Ətyəbül-bəyan, c.3, səh.22 [186] Təfsiri-mövzui, c.11, səh.95 [187] Əl-Mizan, c.2, səh.350 [188] Nümunə, c.2, səh.285 [189] Ətyəbül-bəyan, c.3, səh.34 [190] Təfsiri-mövzui, c.4, səh.133 [191] Əl-Mizan, c.2, səh.387 [192] Əl-Mizan, c.2, səh.389 [193] Nəhcül-bəlağə, qısa kəlamlar, 327 [194] Əl-Mizan, c.2, səh.405 [195] Nümunə, c.2, səh.326 [196] Əl-Mizan, c.2, səh.395 [197] Əl-Mizan, c.2, səh.407 [198] Əl-Mizan, c.2, səh.408 [199] Əl-Mizan, c.2, səh.399 [200] Əl-mizan, c.2, səh.408 [201] Təfsiri-mövzui, c.7, səh.229 [202] Ətyəbül-bəyan, c.3, səh.53 [203] Əl-Mizan, c.2, səh.401 [204] Mənşuri-cavid,c.8, səh.273 [205] Nümunə, c.2, səh.347 [206] Nümunə, c.2, səh.348 [207] Əl-Mizan, c.2, səh.409 [208] Nümunə, c.2, səh.360 [209] Əl-Mizan, c.2, səh.413 [210] Ətyəbül-bəyan, c.3, səh.62 [211] Əl-Mizan, c.2, səh.415-428 [212] Nümunə, c.2, səh.382 [213] Əl-Mizan, c.2, səh.441 [214] Ətyəbül-bəyan, c.3, səh.90 [215] Ətyəbül-bəyan, c.3, səh.94 [216] Nümunə, c.2, səh.403

Müsəlmanın həyat tərzi 21.12.2024

KİM YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLASA?

YERƏ TÖKÜLƏN ÇÖRƏK VƏ YEMƏK QIRINTILARINI TOPLAMAQ Peyğəmbər (s) buyurur: “Kim süfrənin qırıntılarını yesə, Allah onu bağışlayar” 1 O həzrət (s) Əmirülmömininə (ə) buyurur: “Süfrənə tökülən yeməyi ye, çünki yoxsulluğu səndən uzaq edər. O, hurinin mehridir (kəbin haqqıdır). Kim onu yesə, qəlbi bilik, hövsələ, iman və nur ilə dolar”2 Əmirülmöminin (ə) buyurur: “Süfrədəki qırıntıları yeyin, çünki onlar hər dərdin dərmanıdır.3 Ravi nəql edir: “İmam Cavadın yanında xörək yeməyə başladım. Süfrəni yığışdırdıqdan sonra xidmətçi yemək qırıntılarını toplamağa gəldi. Həzrət Cavad (ə) ona buyurdu: “Çöldə (səhrada) süfrədən tökülmüş qırıntıları, hətta qoyun budu olsa da, toplamayın. Evdə isə diqqətlə yığın .4 1“Əl-Came əs-səğir” с. 2, sәһ. 587, 2 2 “Əd-Dəəvat” səh, 154. 3 3“Tühəf əl-üqul” səh. 103. 4 “Əl-Fəqih” c. 3, səh. 356. 5

Müsəlmanın həyat tərzi 21.12.2024

HZ.PEYĞƏMBƏRİN (S) GEYİM HAQQINDA DEDİKLƏRİ

GEYİM QAYDALARI İslam peyğəmbəri (s) geyim haqqında söhbət açdığı kəlamlarında buyürur: “Yüngül ayaqqabı geyinin, kitab əhli kimi olmayın (nəleyn – dabansız kişi ayaqqabısı – geyinin, çəkmə geyinməyin)”. 1 “Yaxşı ayaqqabı və təmiz libas geyinin”2 “Ayaqqabı və libas almaq istəyəndə onların yaxşısını və yenisini seç”3 “Ümmətimin kişi və qadınları cırıq və yamaqlı ayaqqabı geyinməkdən utanıb-çəkinməsələr, Allah (da) onlara qarşı tələbkar olmaz”4 Qeyd: Bu cür hədislərin ismarışı odur ki, müsəlmanlar təmizliyə riayət etmək və yaxşı geyim seçməklə sadə həyat sürməli və dəbdəbəyə meyilli olmamalıdırlar. Həzrət Məhəmməddən (s) gələn digər iki hədisdə deyilir: “Libasınızı çıxartdıqda ona “Bismillah” oxuyun”.5 “Libaslarınızı çıxartdıqda onları qatlayın”6 İmam Əli (ə) buyurur: “Kim həyatının davam etməsini istəyirsə, yaxşı ayaqqabı, rahat və yüngül libas geyinsin”7 İmam Sadiq (ə) buyurur: “Hamamda yuyunandan sonra geyinərkən de: “Allahummə, əlbisni ət-təqva və cənnibni әr-rәdа”(Tərcümə:“İlahil Məni təqva libası ilə ört və pislikdən uzaq et”) Belə etsən, hər dərddən amanda olarsan”8 Ravi nəql edir: “İmam Rza libasını sağ tərəfdən geyinərdi. Təzə libas geyinəndə bir kasa suya on dəfə “İnna ənzəlnahu fi ləylətil-qədr”(Qədr surəsi) on dəfə “Qul huvəllahu əhəd” (İxlas surəsi) on dəfə də “Qul ya əyyuhəl-kafirun”( Kafirun surəsi)” ayələrini oxu yardı. Kim təzə libas geyindikdən sonra belə etsə, o libasın son sapı qalınca həmişə naz-nemət içində yaşayacaq”.9 İshaq ibn Əmmar deyir: “İmam Sadiqdən soruşdum: “Möminin on köynəyi olması rəvadırmı?” Buyurdu: “Bəli” Soruşdum: “İyirmi köynək necə?” Buyurdu: “Bəli, bu, israf deyil. İsraf bayırlıq geyimi iş paltarına çevirməkdir”10 İmam Sadiqdən (ə) gələn hədislərdə deyilir: “İsrafın ən aşağısı cəmiyyətdə nüfuzu qorumaq üçün geyilən rəsmi geyimdən yersiz istifadədir”.11 “Qara ayaqqabı və sarı nəleyn (dabansız kişi ayaqqabısı) geyinmək sünnədir”.12 Həzrətin bu məzmuna işarə edən daha 2 hədisində aşağıdakılar qeyd olunur: “Kimsarı ayaqqabı geyinsə, həmin ayaqqabı köhnəlmədən xeyir tapar”13 “Kim sarı ayaqqabı geyinsə, köhnəlincəyə qədər şad оlаr”.14 İmam Sadiqin (ə) digər bir kəlamında oxuyuruq: “Yaxşı olar ki, yaslı adam əba geyinməsin. Əyninə tanına biləcəyi bir köynək geyinsin. Yaxşı olar ki, qonşuları üç gün (başsağlığına gələnləri) onun tərəfindən qəbul etsinlər”” Yəni yaslı adam adi günlərdə olduğu kimi səliqəli paltar geyinməməlidir. 1 “Təhzib əl-əhkam” c. 1, səh. 373. 2 “Dəaim əl-İslam”, с. 2, səh. 158. 3 “Ə1-Came əs-səğir” с. 1, səh. 71. 4“Əl-Came əs-səğir”, с. 1, səh. 82. 5 “әl əş-şərai”, səh. 583. 6 “Əl-Came əs-səğir” с. 2, səh. 89. 7“Üyun əxbar ər-Rza (ə)” c. 1, səh. 37. 8 “Əl-Fəqih” с. 1, səh. 112. 9 “Üyun əxbar ər-Rza (ə)” с. 1, səh. 315. 10 “Məkarim əl-əxlaq” səh. 98. 3“31-Kafi” с. 6, səh. 98. 11 “Məkarim əl-əxlaq” səh. 125. 12 “Məkarim əl-əxlaq”, səh. 124. 13 “Məkarim əl-əxlaq” səh. 124. 14 Əl-Fəqih” с. 1, səh. 174.

Имам Али (а) 21.12.2024

УСУЛИДДИН (основы религии)

УСУЛИДДИН (основы религии) Священный Ислам подобен дереву с прочным стволом, зелёными ветвями и сладкими плодами. УСУЛИДДИН и есть прочный ствол Ислама. ОН делится на пять частей: 1) Таухид (единобожие) Аллах свободен от всяких изъянов, Единственный и нет божества кроме Него. Поэтому мы говорим: «Ла илаха илля-Ллах». 2) ‘Адл (справедливость) Всевышний Аллах справедлив. Он никогда не причинит зла и не любит тех, кто причиняет зло. 3) Нубувват (пророчество) Для указания пути к счастью и истине Всевышний Аллах послал нам 124000 пророков и Мухаммад (да благословит Аллах Его и род Его) последний из них. 4) Имамат (руководство) После ухода из жизни последнего Пророка – Его светлости Мухаммада (да благословит Его Аллах и род Его) для сохранения законов Ислама и удержания мусульман от потери истинного пути, Всевышним были назначены 12 Имамов из числа семьи Пророка, которые являются нашими духовными и политическими вождями. Первый из них – Его светлость Али бин Абу Талиб, а последний – Имам Махди (мир ему). 5) Ма’ад (воскресение) Аллах не создал попусту эту вселенную, и не создал человека для того, чтобы тот в итоге бесследно исчез. После того, как исполнится обещание Аллаха- то есть конец света, Он воскресит всех людей. Чтобы они ответили за деяния, которые совершили в земной жизни. После того, как этот трудный день завершится – хорошие люди попадут в рай, а плохие в ад. ФИРУУДДИН (практическая часть) Фирууддин – это ветви того дерева Ислама, о котором мы говорили вначале. Она состоит из 10 частей: 1) Намаз (молитва) В сутки мусульманин должен совершить пять намазов: утренний, обеденный, послеобеденный, вечерний и ночной. 2) Саум (пост) Мусульманин, достигший совершеннолетия, должен ежедневно поститься в месяц Рамазан, от утреннего призыва на молитву до вечернего призыва. 3) Закят (выплата 1/10 части от своего имущества) Состоятельный мусульманин обязан выплачивать очистительное пожертвование, которое должно расходоваться для помощи бедным и нуждающимся братьям и сёстрам по религии, чтобы все жили счастливо. 4) Хумс (выплата 1/5 от прибыли, оставшейся после всех годовых расходов человека и его семьи) Мусульманин трудится и зарабатывает себе на жизнь честным трудом. Затем, заработанное торговлей, ремеслом или каким-то другим дозволенным путем, после того как после всех годовых расходов человека и его семьи что-нибудь осталось, то из этой суммы он выделяет 1/5 часть. Эта 1/5 часть делится на две половины. Первая половина этой доли принадлежит Имаму, а другая должна быть отдана муджтахиду, который расходует ее на поддержание сейидов – сирот, сейидов – путников и сейидов – бедняков. Хумс выдается для того, чтобы поддержать потомков рода Пророка, показать свое уважение Посланнику Аллаха следовать повелению Корана – любить его семейство. 5) Хадж (паломничество) Мусульманин, имеющий физическую и материальную возможность, обязан хотя бы раз в жизни совершить паломничество в Мекку. 6) Джихад (борьба за веру) Для того, чтобы люди жили свободно, мусульманин должен бороться с врагами Аллаха и человечества. 7) Амр-бе-ма’руф (призыв к благодеяниям) Мусульманин не только сам обязан совершать благодеяния, но необходимо и других призывать к их совершению. 8) Нахий аз мункар (удерживание от злодеяний) Мусульманин не должен совершать грехов, а так же обязан удерживать людей от совершения плохих поступков. 9) Тавалла Мусульманин должен любить тех, кого любит Аллах. 10) Табарра Мусульманин должен враждовать с теми, с кем враждует Аллах

Müsəlmanın həyat tərzi 21.12.2024

Bu cəza – Allah bəndəsinə verilən ən şiddətli cəzadır

İmam Baqir (ə) buyurur: “Allahın (günah qarşısında) ruh və cismə cəzaları vardır: ruzi çətinliyi, ibadətdə süstlük. Ancaq Allah heç bir bəndəsini daş ürəklilik kimi şiddətli cəza ilə cəzalandırmamışdır”. Həqiqətdə Allahın cəzası insanın öz pis əməlinin məhsuludur. Bu cəza bəzən özünü maddi həyatda göstərir və insan ruzi çətinliyi çəkir. Bəzən də ibadətə qarşı süstləşir və Allahla münacat etməyin ləzzətini itirir. Ancaq bütün bunların ən təhlükəlisi odur ki, insanın günahlarının cəzası qəlb qəsavəti şəklində təzahür etsin. O zaman ki, qəlb qəsavət bağlayar və daş parçasına çevrilər, hər cür insani hisslərdən və həmdərd olmaqdan uzaqlaşar – insan öz insanlığını əldən verər. Bu ağır cəza – insanın günahların müqabilində özünə qazandığı ən şiddətli cəzadır.

Həzrət Muhəmməd (s) 21.12.2024

Nəbiyyi Əzəm Məhəmməd (s.ə.a.s) haqqında qısa məlumat

Şərif ləqəbi: Mustəfa. Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa. Atası: Əbdüllah. Anası: Amənə binti Vəhəb. Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı. Doğulduğu yer: Məkkeyi Müəzzəmə. Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü). Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı. Vəfat etdiyi il: Hicrətin11-ci ili. Ömrü: 63 il. Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər. Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). Oğlanları: 1. Qasim (Tahir). 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir. 3. İbrahim (anası Mariyədir). Qızları: 1. Zeynəb. 2. Rüqəyyə. 3. Ümmü Gülsüm. 4. Fatimə (salamullahi əleyha). Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah) www.SonUmidTv.az Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...