Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) həyatı

İkinci imam Həsən Müctəba (ə)-dır. İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: “Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: “Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.” Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə doğulmuşdur. O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında olmuşdur. İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü; nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi. Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü. İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi. İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi. Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: “Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar.” (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.) Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin öz atasından sonra imam olacağı barədə çoxlu hədislər nəql olunmuşdur.

İmam Hüseyn (ə) 16.01.2025

İmam Hüseynin (ə) kəramət dəryasından bir neçə damla

İmam Hüseyn (ə) Əhli-Beytin (ə) beşinci üzvü və müsəlmanların üçüncü İmamıdır ki, Peyğəmbərə (s) sima və sünnət baxımından ən çox bənzəyən insan olmuşdur. Gecələri Həzrətin (ə) ətrafında xüsusi nur peyda olardı ki, insanlar onu gecə vaxtı bu nurla tanıyardılar. Həzrətin (ə) həyatı boyu etdiyi çox sayda kəramətlər vardır ki, onlardan bəzisinə işarə edək. Raşid ibni Yəzid nəql edir: “Məkkədən Kufənin yaxınlığına qədər İmam Hüseynlə (ə) birlikdə idim. (Yolda gedən zaman) gördüm ki, sancan vəhşi heyvan ona üzünü çevirdi və onunla söhbət etdi. Həzrət (ə) ona tərəf üzünü çevirib dayandı və o heyvanla uzun söhbət etdi”. Kəsir ibni Şazan nəql edir: “İmam Hüseynin (ə) xidmətində idim ki, oğlu Əli Əkbər ondan üzüm istədi. Həzrət (ə) əlini məscidin divarına vurdu, (oradan) üzüm və banan çıxartdı və ona yedizdirdi”. (Tebyan) İmam Sadiq (ə) hədislərin birində nəql edir: “İmam Hüseyn (ə) səfər edən zaman qurumuş xurma ağacının altında dayanır. Dua edir və ağac yaşıllaşır. Yarpağı və xurması meydana gəlir. Ağacın üstünə çıxıb, kifayət qədər ondan yedilər”. Ərəblərdən biri İmam Hüseynə (ə) deyir: “Ya ibni Rəsulallah! Dəvəmi itirmişəm və ondan başqa dəvəm yoxdur. Atan itən dəvələri tapırdı”. İmam (ə) buyurur: “Filan məkana get, dəvəni görəcəksən. Dayanmışdır və qarşısında da qara canavar vardır”. Ərəb həmin tərəfə gedir və qayıdır. İmama (ə) deyir: “Dəvəmi həmin yerdə tapdım”. Həbabə nəql edir: “Mən İmam Hüseyni (ə) görməyə getmişdim və gözümün ətrafında yara çıxmışdı. Bu hal məni narahat edirdi. Ona görə də bir neçə gün Həzrəti (ə) görməyə gəlməmişdim. Həzrət (ə) mənə buyurdu: “Ey Həbabə! Niyə mənim yanıma gəlmirsən?”. Səbəbini dedim və Həzrət (ə) mübarək ağız suyundan götürüb, yaranın üstünə sürtdü və buyurdu: “Ey Həbabə! Allaha şükür et ki, o səbəbi səndən uzaqlaşdırdı”. Səcdəyə düşdüm. Və mənə buyurdu: “Ey Həbabə! Başını qaldır və aynaya bax”. Başımı qaldırdım və (yaradan) heç bir əsər görmədim. Allaha şükür etdim”.   /Deyerler.org/

İmam Həsən (ə) 16.01.2025

İmam Həsənin (ə) səxavətindən üç nümunə

Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın 1. Bir nəfər imam Həsən (ə) hüzurana gəlib dedi: Yoxsulluq və bədbəxtlik məni incidir. İsmət və təharət ailəsi olan sizlər, məni bu zalım düşmənin əlindən qurtarın. Həzrət xidmətçisini çağırıb, ondan yanında nə qədər pul var – deyə soruşdu. Xidmətçi dedi: Әlli min dirhəm. İmam Həsən (ə) buyurdu: “O pulun hamısını bu kişiyə ver ki, məşiəti və işinin sərmayəsinə çevrilsin, qoy yoxsulluqdan qurtarsın”. 2. Bir gün imam Həsən (ə) məsciddə ibadətə məşğul ikən bir kişinin dua edib belə söylədiyini eşitdi: Allahım! On min dirhəmə ehtiyacım var. Sən ey mehriban və bağışlayan Allah! Bu neməti mənə nəsib et! Bunu eşidən imam Həsən (ə) evə qayıdıb istədiyi məbləği o kişi üçün göndərdi. 3. İmam Həsənin (ə) gənclik dövrlərində kasıb bir kişi onun yanına gəlib kömək istədi. Həmin vaxt həzrətin yanında pulu yox idi. İmam Həsən (ə) kişiyə buyurdu: – Səni məqsədinə çatmaq üçün bir yerə göndərsəm razı olarsan? – Hara? – Bu gün xəlifənin qızı rəhmətə getmişdir, xəlifə qızına əza saxlayır. Xəlifənin yanına get və sənə öyrədəcəyim ifadə ilə ona başsağlığı ver. Sən bu yolla öz məqsədinə nail olarsan. – Xəlifəyə necə başsağlığı verim? – Xəlifənin yanına gedib belə de: “Həmd olsun Allaha ki, səni qızının qəbri üstündə oturmaqla onun həyasını saxladı və onu sənin qəbrin üstündə oturmaqla həyasını aparmadı”. Yəni qızın səndən qabaq dünyasını dəyişib torpaq altında yatmışdırsa, bu, atasının sayəsindədir. Yox əgər sən ondan tez ölsəydin, ola bilərdi ki, onun bir pənahı olmasın və həyası getsin. Kasıb kişi imamın dediyi kimi də etdi. Bu söz xəlifənin hislərini coşdurdu və onun kədərini, qəm-qüssəsini azaltdı. Xəlifə kişidən soruşdu: “Bu sözləri sən özündən dedin, yoxsa səni bir öyrədən olub?” Kişi cavab verdi ki, xeyr, bunları mənə Həsən ibn Əli (ə) öyrətmişdir. Xəlifə dedi: “Doğru deyirsən, o, fəsahətli və şirin sözlər mənbəyidir”. Sonra xəlifə əmr etdi ki, kişiyə çoxlu pul bəxşiş versinlər.

İmam Hüseyn (ə) 15.01.2025

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:

İmam Hüseyn (ə) AŞURA günü insanları 3 mərhələdə – (bəzi mənbələrə görə isə 5 mərhələdə və “həl min müvəhhidin” və “həl min müğisin” sözləri ilə də) köməyə çağırdı:  “1). “Həl min nasirin yənsuruni”… Mənə bu zalim qövmə qələbə çalmaq üçün bir kömək edən varmı?. 2). “Həl min muinin yuinini”… Mənə bu zalim qövm qarşısında müqavimət göstərmək üçün bir kömək edən varmı?. 3). “Həl min zabbin yəzubbu ən hərəmi rəsulillah”… (Nə qələbəyə və nə də müdafiə və müqavimətə kömək edən olmadı və İmam (ə) buyurdu:) Allah Rəsulunun (ə) ailəsini qorumaq istəyən varmı?”…. Amma təəssüflər ki, bu üç sorğunun heç birinə cavab verən olmadı.

İmam Həsən (ə) 15.01.2025

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!

İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?! . Peyğəmbərin (s) düşmənləri tərəfindən imam Hüseynin (ə) Kərbəla hərəkatına qarşı yayılan azdırıcı şübhələrdən biri də o həzrətin qatillərinin şiələr olduğu ilə bağlıdır. Burada həmin şübhəyə qısa şəkildə cavab veririk. . 1- Bu şübhəni yayanlar “şiə” sözünün mənasından xəbərsizdir. . Birinci məsələ kimlərin “şiə” olması məsələsidir. Şiə, yəni “Allaha, Peyğəmbərə (s), Fatimeyi-Zəhraya (ə) və on iki İmama (ə) itaət edən şəxs.” Qurani-kərim Nisa surəsinin 54-cü ayəsində buyurur: أَمْ يحَسُدُونَ النَّاسَ عَلىَ‏ مَا ءَاتَئهُمُ اللَّهُ مِن فَضْلِهِ فَقَدْ ءَاتَيْنَا ءَالَ إِبْرَاهِيمَ الْكِتَابَ وَ الحْكْمَةَ وَ ءَاتَيْنَاهُم مُّلْكا عَظِيمًا “Bununla belə, onlar Allahın insanlara (Peyğəmbərə və əhli-beytə) Öz fəzlindən verdiyi şeylərə (üstünlüklərə) görə paxıllıq edirlər. Halbuki biz bundan əvvəl İbrahimin özladlarına da (İlahi) kitab, hikmət (risalət) vermişdik, eləcə də onlara əzəmətli mülk bəxş etmişdik.” Bu ayənin təfsiri ilə əlaqədar nəql edilmiş bir hədisdə imam Məhəmməd Baqir əleyhissalamdan bu ayə barəsində soruşulduqda o həzrət buyurur: “Bu ayədə barəsində paxıllıq edilənlər bizik… Kitab Qurani-kərim, hikmət isə risalətdir. Necə olur ki, insanlar Ali İbrahimi qəbul edir, ancaq Ali Muhəmmədi inkar edirlər?!… “Əzəmətli mülk” isə budur ki,Allah həzrət Muhəmmədin (s) nəslindən İmamlar qərar vermişdir. İmamlara itaət edən Allaha itaət edir, İmamlara asi olan (onlara qarşı çıxan) isə Allaha üsyan etmişdir.” Bax: əl-Burhan təfsiri 2-ci cild 93-cü səhifə. Bir şəxs əgər İmama tabe deyilsə, deməli o şiə deyil. Şiə, tabeçilik və itaətlə müşayiət olunun tərəfdarlıqdır. Necə ki, Qurani-kərim Saffat surəsinin 83-cü ayəsində buyurur: وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيمَ “Onun şiələrindən biri də İbrahim (peyğəmbər) idi.” Gördüyünüz kimi Qurani-kərim buyurur ki, həzrət İbrahim şiə idi. Qurani-kərimin zahirinə əsasən İbrahim həzrət Huh peyğımbərin şiəsi idi. Deməli, İmam Hüseyn əleyhissalamın qarşısında dayanıb onu öldürmək, qızlarını əsir götürmək, malik olduqları şeyləri qənimət kimi ələ keçirmək istəyənlər şiə ola bilməzlər. Şiə, imam Hüseyn əleyhissalamın yanında olanlardırlar, onun əleyhinə olanlar yox. . 2- İmam Hüseyn əleyhissalamın qatilləri və o həzrətin qarşısında durmuş Yezid ordusu Ali-Əbu Sufyanın (Müaviyənin nəslinin) şiələri idilər. . İmam Hüseyn əleyhissalam aşura günü üzünü otuz min nəfərlik düşmən ordusuna tutub fəryad edərək buyurur: فَصَاحَ‏ وَیْلَکُمْ یَا شِیعَةَ آلِ أَبِی سُفْیَانَ إِنْ لَمْ یَکُنْ لَکُمْ دِینٌ وَ کُنْتُمْ لَا تَخَافُونَ الْمَعَادَ فَکُونُوا أَحْرَاراً فِی دُنْیَاکُم‏ “Vay olsun sizə, ey Əbu-Sufyanın nəslinin şiələri! Əgər dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, elə isə dünyanızda azad (insan) olun.” Ləvaicul əşcan 185-ci səhifə . 3- Əhli sünnə yalnız İmam Hüseyn əleyhissalamın dostlarını şiə sayırlar. . Ömər Sədin qoşünunda olan Üzrə adlı şəxs Züheyr ibn Qini (imam Hüseyn əleyhissalamın dostunu) səsləyərək dedi: یا زهیر ما کنت عندنا من شیعه اهل هذا البیت انما کنت عثمانیا “… ey Züheyr, sən bizim yanımızda olduğun vaxtlar bu əhli-beytin şiəsi deyildin axı, sən osmanın (şiəsi) idin.” Tarixi Təbəri 4-cü cild 316-cı səhifə . 4- Kufədə şiələr azlıq təşkil edirdilər. . Kufə şəhəri heç də çoxlarının düşündüyü kimi şiə şəhəri deyildi. Tarixi sənədlərə əsasən Kufənin 150.000 –dən 200.000-ə qədər əhalisi vardı ki, onların 15.000 –i yaxud 20.000 –i şiə idi. İmam Həsən əleyhissalamın sülhündən sonra Müaviyə Kufəyə sahib olu və qisaslara başladı. Yüzlərə şiəni öldürdü, 5.000-ə yaxın şiə şəhərdən çıxıb başqa yerlərə üz tutdu. Bundan əlavə Kufənin valisi Ubeydullah ibn Ziyad şiələrin imam Hüseyn əleyhissalama kömək edəcəklərini düşünərək 4000-ə yaxın şiəni həbs edərək zindana salmışdı… Kufənin əhalisinin əksəriyyəti ikici xəlifənin tərəfdarları idi. Belə ki, əhli sünnənin dahi alimlərindən olmuş və Nəhcül-bəlağəyə şərh yazmış İbn Əbil Hədid yazır: “İmam Əli əleyhissalam Kufə əhalisinə Ramazan ayında təravih namazını fərdi şəkildə qıldıra bilmədi, onlara “Allahın Rəsulu (s) müstəhəbbi namazları camaatla qılmağı qadağan edib” deməsinə baxmayaraq, məsciddəki insanlar “təravih namazını camaatla qılmaq ikinci xəlifənin sünnəsidir” dedilər.” Şərhu nəhcul bəlağə 12-ci cild 283-cü səhifə . 5- Kufə qoşunundakıların çoxu Osmanın tərəfdarları idilər. . Məhərrəm ayının 7-si Yezidin ordusu İbn Ziyadın göstərişi ilə suyun (fərat çayının) qarşısını kəsəndə imam Hüseyn əleyhissalamın dostu Bureyr onlara dedi: و هذه ماء الفرات تقع فیه خنازیر السواد و کلابه قد حیل بینه و بین ابن رسول الله “… bu fərat çayından çirkli donuzlar və itlər asanlıqla su içirlər, halbuki siz bu çay ilə Allahın Peyğəmbərinin (s) övladı arasında maneə yaratmısınız.” Onlar Bureyrə dedilər: یا بریر قد اکثرت الکلام فاکفف والله لیعطش الحسین کما عطش من کان فیه یعنی عثمان “Ey Bureyr, nə çox danışdın, kəs səsini. And olsun Allaha, Hüseyn susuz qalacaq, necə ki, ondan əvvəlki, yəni Osman susuz qalmışdı.” . 6- Kufəlilərin imam Hüseyn əleyhissalama makrub yazmaqları onları şiəliklərinə dəlil deyil. . O məktubu yazanların biri Şəbəs ibn Rəbi idi. Ümumiyyətlə çoxları elə bilirdilər ki, imam Hüseyn əleyhissalam Kufəyə gəlib başçılıq edəcək və Yezidin hakimiyyətini devirib özü xəlifə olacaq. Ona görə də əvvəlcədən bunlar özlərini yaxşı etmək və gələcəkdə məqama sahib olmaq üçün imam Hüseyn əleyhissalama məktub yazdılar. . 7- İndiyə qədər heç bir tarix kitabı Yezidin ordusunun sərkərdə və komandirlərindən kiminsə şiə olduğunu yazmayıb. . İbn Ziyad, Ömər Səd, Şəbəs ibn Rəbi, Həsin ibn Nəmir, Şimr ibn Zillcövşən və sair sərkərdə və komandirlərin heç birini şiəliyə nisbət verən olmayıb. Heç bir sənəddə bunları hansınasa şiə ya rafizi deyə yazılmış bir şey yoxdur. Şiə sözünün xüsusi mənası, yəni həqiqi şiə Əhli-beyti (ə) sevmək və onların düşmənləri ilə düşmənçilik etməkdir. İmam Əli ən-Nəqi əleyhissalamdan nəql edilmiş “Camieyi-Kəbirə” ziyarətnaməsində oxuyuruq: انی محقق لما حققتم و مبطل لما ابطلتم “Sizin haqq saydıqlarınızı mən də haqq sayıram, sizin batil hesab etdiklərinizi mən də batil hesab edirəm.” Belə bir əqidəyə malik olan şəxs Ömər Sədin qoşununda olmayıb. Şiə sözünün ümumi mənada izahı isə budur: “Onlar Əhli-beyti sevir, amma əhli-beytin (ə) düşmənlərini də ya sevir ya da sevməsə də düşmən də deyillər.” Hətta nə qədər qeyri-müsəlmanlar var ki, əhli- beytin (ə) aşiqi olmuşlar, amma əhli-beytə (ə) itaət etməyiblər, onların imamətini qəbul etməyiblər və onların düşmənləri ilə düşmənçilik etməyiblər.   Rza Əzizoğlu İrəvani

İmam Həsən (ə) 15.01.2025

İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər

Hər bir şəxsin insanlığının göstəricisi onun elmi, məqamı və sərvəti deyil, əksinə gözəl əxlaqı və mərifətidir. Ona görə də əxlaqi dəyərlərə yiyələnmək hər şeydən mühümdür, çünki bəşər cəmiyyətinin ən çox ehtiyaclı olduğu mövzu gözəl əxlaqdır. Ona görədir ki, peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alih öz İlahi rəsalətinin (insanları hidayət etmək missiyasının) əsasının əxlaqi kəramətlərin, yəni gözəl əxlaqi xasiyyətlərin tamamlanmasından ibarət olduğunu bildirib. Peyğəmbərimizin (s) müqəddəs yolunun davamçıları olan ismət və paklıq rəmzi Əhli-beyt (onların hamısına Allahın salamı olsun) gözəl əxlaqi sifətlərə yiyələnmiş, üstəlik əxlaqı insanlar arasında yaymaq üçün Allah tərəfindən vəzifələnmişlər. Onlar insanları dəvət etdikləri bütün gözəl sifət və xüsusiyyətlərə malik olduqları üçün insanlara daha çox təsir edə bilmiş, insanlar tərəfindən sevilmişlər. Dövrümüzdə bir çox insanları görürük ki, özləri malik olmadıqları əxlaq və ədəbi başqalarına öyrətmək əzmindədirlər. İmam Həsən Müctəba əleyhissalam da İlahi nümunələrdən biridir. O həzrət bütün sahələrdə, xüsusilə də böyük əxlaqa və ən gözəl əxlaqi-mənəvi sifətlərə sahib olmuşdur. O həzrətin həyatını araşdırdıqda görürük ki, imam Həsənin (ə) həyat üslubu və davranış tərzi bütün gözəl əxlaqi dəyərlərin təzahürüdür. Əxlaqi dəyər və fəzilətlərin əhatəsi çox genişdir, əgər ədəbləri də üzə çıxarsaq onları sayıb qurtara bilmərik. Bununla belə əxlaqi xüsusiyyətlərin bəziləri başqalarından daha mühüm, başqa sözlə bütün əxlaqi fəzilətlərin anası və əsasıdır. İmam Həsən əleyhissalam əxlaqi kəramətlərin əsasının 10 sifət olduğunu bildirir, belə ki, bu 10 əxlaqi üstünlüklərə yiyələnən insanı əxlaqlı insan adlandrmaq olar. Bu 10 xasiyyət hər bir şəxsin qəlbinə hopmalı, onun canında xasiyyət və təbiətinə çevrilməlidir. Hərçənd bu 10 xasiyyəyin hər birinə yiyələnmək özü bir hünər və dəyərdir. İnsanı kamil əxlaqlı şəxs kimi tanıtdıra biləcək xüsusiyyətlər bu 10 əxlaqi sifətlərin toplusudur. İmam Həsənin (ə) əxlaq dairəsində qeyd etdiyi 10 üsul əsasən ictimai davranış məsələlərinə aid olan işlərdəndir. İndi isə həmin hədisə nəzər salaq; İmam Həsən Müctəba əleyhissalam buyurur: مكارم الأخلاق عشر : صدق اللسان و صدق الباس و اعطاء السائل و حسن الخلق و المكافاة بالصنائع و صلة الرحم و و التذمم على الجار و معرفة الحق للصاحب و قرى الضيف و رأسهن الحياء “Ən gözəl əxlaq ondur: Düz danışmaq, düzlük, ehtiyaclıya yardım etmək, xoş xasiyyət, yaxşı işlərə görə mükafatlandırmaq, sileyi-rəhm, qonşunu himayə etmək, dost üçün haqqı tanımaq, qonaqpərvərlik və bunların hamısının başı olan Həya. Tarixi Yəqubi 2-ci cild 157-ci səhifə . Hədisin şərhi: 1- Düz danışmaq. Hər bir insan əgər düz danışmağın möcüzəvi təsirlərini görərsə “düz danışmaq” xüsusiyyətinin vurğunu olacaq, düz danışmağı özünün həyat proqramının ayrılmaz bir hissəsi biləcəkdir. Düz danışmağın insana bəxş etdiyi birinci təsir və fayda ictimai həmkarlıqlarda, ümumiyyətlə cəmiyyət içində insanların etimad və inamını qazanmaqdır. İnsanın ictimai varlıq olduğunu və onun tək yaşamasının mümkünsüzlüyünü, həmçinin insanlarla ünsiyyətə ehtiyaclı olduğunu nəzərə aldıqda insanların inam və etimadlarını qazana bilməyin nə qədər əhəmiyyətli olduğu üzə çıxır. Bu inamı qazanmağın yolu isə “düz danışmaq” xüsusiyyətidir. . 2- Çətinlik və çarəsizlik zamanı düzlük Təbiidir ki, əmin-amanlıq və qüdrətə malik olan insan düzlük və sədaqətə meyilli olur, əyrilik və yalançılıqdan çəkinir. Düzlük və mərdlik həmin insanda o zaman əxlaqi xüsusiyyətdən olar ki, çətinlik, çarəsizlik və sıxıntı zamanı da düzlüyünü qoruya bilsin. Bir çox insanlar çətinlik zamanında, məsələn, cəzadan yayınmaq üçün, ya özünü müdafiə edə bilməyəndə, ya layiq olmadığı mənfəət və qazancı əldə etmək üçün əyrilik və yalana əl atırlar. Deməli, insanın düzlük və sədaqətinin göstəricisi onun çətinlik və çarəsizlik zamanındakı mövqeyi zamanı bəlli olur. . 3- Ehtiyaclı insana yardım etmək Qurani-kərim Məaric surəsinin 24 və 25-ci ayələrində buyurur: “O kəslər ki, onların mallarında müəyyən bir haqq (pay) vardır. Dil ilə istəyən və (hər şeydən) məhrum olan (lakin abrına qısılıb dilənməyən) kimsə üçün.” Tarix boyu insanların icra etməkdə çətinlik çəkdikləri mövzu ehtiyaclı insanlara yardım etmək olmuşdur. Xüsusilə də insan qarşı tərəfin (ehtiyaclı insanın) şəxsi vəziyyətindən xəbərsiz olduğu zaman həmin şəxsə yardım etməyə daha çox çətinlik çəkir. Şeytan müxtəlif vəsvəsələri onun qəlbində və zehnində dolandıraraq ehtiyaclı insanlara əl tutmamağa vadar edir. İmam Həsənin (ə) bu hədisində “Ehtiyaclı insana yardım etmək” əxlaqi xüsusiyyətdən sayılır, çünki ehtiyaclı insanın özü hansı vəziyyətə malik olmasının aşkar dəlilidir. Ehtiyaclı insanın öz yoxsulluğuna etiraf etməsi, xüsusilə də o, imanlı və əxlaqlı olduğu zaman, ona yardım etmək böyük hünər və fəzilətdir. Əlbəttə, insanlar həmişə iman və əxlaqa malik olan ehtiyaclı insanları tanımalı, onlara yardımlarını əsirgəməməlidirlər. . 4- Xoş rəftar Əxlaqın ən bəlkə də ən çox cilvələndiricisi xoş üzlü və xoş xasiyyətli olmaqdır. Xoş xasiyyətli insan başqalarının malına və sərvətinə şərikdir. Çünki başqalarını özünə cəlb etdirmək və onların sevgisini qazanmağın ən yaxşı yolu xoş xasiyyətli olmaqdır. . 5- Görülən işləri mükafatlandırmaq Hər bir şəxs etdiyi yaxşı işlərə görə başqaları tərəfindən təşviq olunmasını və mükafatlandırılmasını istəyir. Başqalarının yaxşı işlərini dəyərləndirmək və onlara əhəmiyyət vermək gözəl əxlaqi xüsusiyyətlərdən sayılır. İnsan başqalarının yaxşı işlərini, hətta o işlər kiçik olsalar belə, dəyərsiz cilvələndirə bilməz, ən azı dili ilə onu mükafatlandırmalı, yəni alqışlamalıdır. Bu məsələ təkcə insanın özü üçün edilən yaxşı işlərlə məhdudlaşmır, üstəlik cəmiyyətdə hər bir kəsin başqaları üçün etdiyi yaxşı işlər hamı tərəfindən qiymətləndirilməlidir. Bu gözəl əxlaqi sifətin əsası Allaha məxsusdur. Belə ki, Allah Taala insanların yaxşı işlərinə görə onlara çoxlu mükafatlar verir, halbuki insanların yaxşı işlərinin Allaha zərrə qədər xeyiri yoxdur. . 6- Sileyi-rəhm, qohumlarla əlaqə və ünsiyyət Sileyi rəhm, yəni qohumlar və yaxınlarla əlaqə və ünsiyyət ən üstün əxlaqi dəyərlərdəndir, amma sileyi-rəhm təkcə əxlaqi məsələlərdə məhdudlaşmır, çünki iman qohumluğu və əqidə qardaşlığı bir çox cəhətdən qan qohumluğundan daha güclüdür. Ümməti yaradan qan və soy deyil, əqidə və etiqaddır. Hədislərdə hətta Peyğəmbərin(s) və İmamların(ə) ziyarətlərinə getmək də sileyi-rəhm yəni “qohumlarla yaxınlarla əlaqə”dən sayılmış və tapşırılmışdır ki, Əhli-beyti(ə) ziyarət etməyin insanın bəsirətli olmasında fövqəladə müsbət təsirləri vardır. . 7- Qonşunu himayə etmək İnsanın ən çox ünsiyyətdə olduğu şəxslərdən biri də onun qonşularıdır. Odur ki, qonşuluq haqql İslamın ən çox önəm verdiyi haqlardandır. Qonşünü himayə etmək, yəni qonşuya havadarlıq və qayğı göstərmək ən gözəl əxlaqi xüsusiyyətlərdəndir. Əxlaq insandan tələb edir ki, qonşunu hər bir cəhətdən –can, mal, abır və ilaxır- himayə etsin, qonşuya qarşı zülm və haqsızlığa imkan verməsin, onu müdafiə etsin. Axirətə qalan həmin işlərdir. . 8- Dostu ilə əlaqədar olan haqqı tanımaq Dost o şəxsdir ki, insana rahatlıq və dinclik bəxş etsin, ona cənnət və cəhənnəmi tanıtdırsın. Çünki dostlar qarşılıqlı təsirlərə malikdirlər, onların arasında əqidə, rəftar və xasiyyət cəhətindən uyğunluq yaranır. İmam Həsən əleyhissalam başqa bir hədisdə dostun haqqını öz övladına açıqlayarkən buyurur: “Oğlum, bir nəfərlə dostluq etmək istədikdə əvvəlcə onun haralara get-gəl etdiyini öyrən, onun halından yaxşı xəbərdar olduqdan sonra onun yaşayış tərzini (ünsiyyətini) bəyənsən, onunla dostluq et. Bir şərtlə ki, onunla ünsiyyətdə onun xatalarına göz yum və çətinliklər zamanı onun yanında ol.” . 9- Qonaqcıl və qonaqsevənlik Qonağı sevmək, qonağa hörmət etmək ən böyük əxlaqi dəyərlərdən olmaqdan əlavə, bütün xalqların qəbul etdiyi və tanıdığı bir dəyərdir. Şükür Allaha ki, xalqımız tarix boyu bütün dünyada qonaqpərvərliyi və qonaqsevərliyi ilə tanınmışdər. Hətta sevimli Peyğəmbərimizin (s) və məsum İmamların (ə) övladları və əqrəbası öz ölkələrində təzyiqdə olduğu zamanlarda Azərbaycana pənah gətirmişlər. . 10- Bunların hamısının başı (əsası) olan Həya İmam Həsənin (ə) həyanı bütün əxlaqi işlərin başı adlandırması ona görədir ki, həya həqiqətdə ağıl və dinin həmişəlik və ayrılmaz yoldaşıdır. Yəni həyası olmayanın dini və ağılı da yoxdur. Dini və ağılı olan şəxsin həyası da vardır. RZA ƏZİZOĞLU İRƏVANİ

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İki dünya Xanımının (s.ə) mövludu

Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi,Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir. Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əzəmətli günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyinə dəlil olaraq Allah Təala Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.Hələ ana bətnində olarkən belə Peyğəmbər xanım Xədicənin kiminləsə danışdığını və bunun sirrini soruşarkən xanım Xədicə bətnindəki körpənin ona həmsöhbət olduğunu bildirmiş, bunu eşidən Peyğəmbər(s): “Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək və məsum İmamlar onun nəslindən olacaqlar. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündə mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi”. Xanım Fatimə öz fəziləti  ilə insanlığın bütün həqiqətini, kamilliyini bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: “Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir”. “Fatimə (s.ə) mənim bədənimin bir parçasıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir”. “

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatı

Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında gerçəkləşdirməlidir. Həmin nümunəvi insanlardan biri də Peyğəmbəri-Əkrəmin (s) sevimli qızı, xanımlar xanımı və analar anası həzrət Fatimeyi-Zəhradır (s.ə.). Bir xanım ki, bəşəriyyətə hərtərəfli örnək və nümunədr. O xanımın doğum günü Cəmadius-sani ayının 20-inə təsadüf edir. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, xanım Fatimeyi-Zəhranın (s.ə.) Qısa olaraq həyatını diqqətinizə çatdırırıq. FatİMeyİ-Zəhra (salamullahİ əleyha)   Ləqəbi: Zəhra. Künyələri: Ümmül-əimmətil-əthar, Ümmül-Həsən, Ümmül-Hüseyn, Ümmül-möminin, Ümmül-fəzail, Səyyidətü-nisail-aləmin, Xəyrün-nisa, Bətul, Ümmül-xiyərə, Ümmün-nücəba, Ümmül-əzhar. Atası: Muhəmməd Rəsulillah (səlləllahu əleyhi və alihi və səlləm). Anası: Xədiceyi-Kübra Ümmül-möminin (salamullahi əleyha). Anadan olduğu gün: 20 Cəmadiüs-sani. Doğulduğu yer: Məkkeyi-Mükərrəmə. Doğulduğu il: Besətin beşinci ili (Hicrətdən səkkiz il əввəл). Şəhid olduğu gün: 3 Cəmadiüs-sani. Şəhid olduğu il: 11-ci hicri ili. Ömrü:18 il. Şəhadətinin səbəbi: Əziz atasının vəfatından sonra başına gətirilən müsibətlər. Dəfn olunduğu yer: Mədinə. Övladlarının sayı: 4 – (4 aylıq siqt olunan Möhsündən başqa) 2 oğlan və 2 qız. Oğlanları: 1. Həsən (əleyhissalam). 2. Hüseyn (əleyhissalam). Qızları: 1. Zeynəbi-Kübra. 2. Zeynəbi-Suğra (Ümmü Gülsüm) Üzüyünün yazısı: “Əllahu vəliyyu isməti” (Allah mənim ismətimin (zahiri və batini çirkinliklərdən, nöqsan və qüsurlardan paklığımın) vəlisidir).

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

FATİMEYİ ZƏHRA – PEYĞƏMBƏRİN QIZI

Həzrət Mühəmməd Peyğəmbərin (s) yaşca ən kiçik qızı. Anası ümmül-möminin Xədicədir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 5-ci ilində, cəmadiyüs-sani ayının 20-də (m. 614-cü il) Məkkədə doğulmuşdur. Bəzi mənbələrdə peyğəmbərlikdən 5 il əvvəl (m. 605-ci) doğulduğu bildirilir. Bəzi tədqiqatçılar isə Həzrət Mühəmməd Peyğəmbərin (s) qızlarından yalnız Fatiməni (ə) o həzrətin doğma övladı bilir, qalan üç qızın isə Xədicənin keçmiş ərlərindən olduqlarını və Peyğəmbərin onları qızlığa götürdüyünü yazırlar. “Fatimə” sözünün mənşəyi barədə məlumatlar da maraqlıdır. Ərəblər köşəyini süddən ayırmış dişi dəvəyə “fatimə” deyirlər. Ananın öz uşağını süddən uzaqlaşdırmasını da ərəblər eyni kökdən olan fellə ifadə edirlər. İslam Peyğəmbərindən (s) rəvayət edilən hədislərdə isə bu adın mənası “cəhənnəm alovundan uzaqlaşdırılmış” kimi izah edilir. Çünki Allah-təala qiyamət günündə cəhənnəm atəşini Fatimədən (ə) və Onun nəslindən uzaqlaşdıracağını vəd etmişdir. Fatimənin (ə) məşhur ləqəbləri bunlardır: zəhra (parlaq), bətul (iffətli və ya özünü Allaha həsr etmiş), tahirə (pak), mərziyyə (Allahın razılığını qazanmış), siddiqə (doğrucul), zəkiyyə (təmizlənmiş), seyyidətün-nisail-aləmin (dünya qadınlarının xanımı), ümmi əbiha (atasının anası; bu ləqəbi Ona Peyğəmbər vemişdi) və s. İslam mənbələrindəki məlumatlar yekdilliklə təsdiq edir ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz övladları arasında Fatiməni (ə) hamıdan artıq sevirdi. Aşağıdakı hədislər mötəbər mənbələrdə təvatür səviyyəsində qeyd edilmişdir: “Fatimə bədənimin bir parçasıdır. Kim Onu qəzəbləndirsə, məni qəzəbləndirmiş kimidir”. “Fatimənin qəzəbi ilə Allah qəzəblənər, Fatimənin razılığı ilə Allah razı olar”. “Fatimə dünya qadınlarının xanımıdır”. Həzrət Mühəmməd Peyğəmbər (s) səfərə gedəndə ən axırda Fatimə (ə) ilə vidalaşar, səfərdən qayıdanda hamıdan əvvəl Onun görüşünə gələrdi. “Həzrət Fatimənin (ə) təsbihi” kimi tanınan məşhur zikri də Ona Peyğəmbər öyrətmişdi. Həzrət Mühəmməd Peyğəmbər (s) Məkkədə son dərəcə ağır bir şəraitdə İslamı təbliğ etdiyi zaman Fatimə (ə) Ona mənəvi cəhətdən yardım göstərir, təhqir və istehzaları o həzrətdən uzaqlaşdırmağa çalışırdı. Hicrət zamanı Fatimə (ə) öz atasından qabaq Məkkəni tərk etməyə müvəffəq olmamış və şəhərdə qalmış, daha sonra Əli ibn Əbu Talibin (ə) müşayiəti ilə Mədinəyə gəlmişdi. Peyğəmbərin müasiri olan məşhur müsəmanlardan bir neçəsi Fatimə (ə) ilə evlənmək arzusunda olsa da, nə Peyğəmbər, nə də Fatimənin (ə) özü buna razılıq verməmişdi. Yalnız Əli ibn Əbu Talibin (ə) elçiliyi onların hər ikisinin razılığı ilə qarşılandı. Əli (ə) ilə Fatimənin (ə) toyu hicrətin ikinci ilində, Bədr döyüşündən sonra (m. 624-cü il) baş verdi. Fatimənin (ə) mehriyyəsi 500 dirhəm idi, Peyğəmbər tərəfindən Ona həmin dövrün dəbinə uyğun olaraq, bir neçə əşyadan ibarət cehiz də verilmişdi. İmam Əli (ə) ilə Fatimənin (ə) ailəsi 9 ilə yaxın (Fatimənin (ə) vəfatına kimi) mövcud olmuşdur. Fatimə (ə) həyat\da ikən Əli ibn Əbu Talib (ə) başqa bir qadınla evlənməmişdi. Bu ailə İslam tarixində ən mehriban, ən ülvi və ən möhkəm ailə sayılır. Bu izdivacdan Həsən (ə) və Hüseyn (ə) adlı iki oğul, Zeynəb və Ümmi-Külsum adlı iki qız doğuldu. Əli (ə) ilə Fatimənin (ə) daha bir oğlunun ana bətnində tələf olduğu barədə məlumatlar mövcuddur. Şiə mənbələrində Peyğəmbərin vəfatından qısa bir müddət sonra Fatiməyə (ə) qarşı həyata keçirilmiş fiziki təzyiqlərin nəticəsində Möhsin adlı həmin körpənin bətndə ikən tələf olduğu bildirilir. Fatimə (ə) İslam tarixində hədsiz imanlı, son dərəcə iffətli, səxavətli, elmli bir qadın kimi yad edilir. Qısa ömrü ərzində dini və dünyəvi məsələlərdə Mədinə qadınları üçün əsl müəllimə rolunu oynamış, müraciət edən hər kəsə mənəvi və maddi yardım göstərmişdir. Fatimə (ə) Qurani-kərimdə çirkinlikdən təmizləndiyi elan edilmiş (Əhzab, 33) Əhli-beytin bir üzvüdür. Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından sonra dünyasını dəyişmiş ilk Əhli-beyt üzvü də Fatimədir (ə). Rəvayətə görə, Peyğəmbər ölüm yatağında ikən Fatimənin (ə) üzüntüsünü görüncə, bu barədə Ona müjdə vermiş və tezliklə o biri dünyada görüşəcəklərini söyləmişdi. Atasının vəfatından sonra bu itkiyə dözə bilməyən Fatimə (ə) Həzrət Əlinin (ə) tikdiyi beytül-əhzan (hüzn, kədər evi) adlı otaqda vaxtını ağlamaqla keçirirdi. Şiə rəvayətlərinə görə, Peyğəmbərin vəsiyyətinə rəğmən Həzrət Əlinin (ə) hak¬miyyətdən uzaqlaşdırılması, Peyğəmbər tərəfindən Əhli-beytə hədiyyə olaraq verilmiş Fədək bağının birinci xəlifə Əbu Bəkrin göstərişi ilə Əhli-beytdən alınması, eləcə də, Həzrət Fatimənin (ə) özünə qarşı edilmiş fiziki və mənəvi təzyiqlər Onun səhhətini pozmuşdu (məlumat üçün bax: Şeyx Abbas Qummi. Beytül-əhzan). Fatimeyi-Zəhra (ə) Həzrət Mühəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – h. 11-ci il cəmadiyül-əvvəl ayının 13-də və ya eyni ilin cəmadiyüs-sani ayının 3-də (m. 632-ci il) Mədinədə dünyasını dəyişdi. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) başçılığı altında məhdud saylı şəxslərin müşayiəti ilə gecəyarı naməlum yerdə torpağa tapşırılmışdır. Məzarının harada olması bu gün də mübahisəlidir. Bəziləri Onun Məsci¬dün-nəbəvidə, bəziləri isə Bəqi qəbristanlı¬ğında dəfn olunduğunu iddia edirlər. Həzrət Mühəmməd Peyğəmbərin (s) nəsli yalnız Fatimənin (ə) vasitəsilə davam etmişdir; Peyğəmbərin o biri üç qızının nəsli qalmamışdır. Şiə inancına görə, Fatimə (ə) 14 məsum (günahsız) şəxsdən biridir. Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməni (ə) “dünya qadınlarının xanımı” adlandırmışdı. Abdullah ibn Abbas rəvayət edir ki, Peyğəmbər buyurmuşdur: “Gündəlik beş namazını qılan, ramazan ayında oruc tutan, Allahın evinə həccə gedən, malının zəkatını verən, ərinə tabe olan və məndən sonra Əliyə (ə) imam kimi itaət edən hər bir qadın qızım Fatimənin (ə) şəfaəti ilə cənnətə girəcək, çünki o, dünya qadınlarının xanımıdır”. Soruşdular: “Məgər Fatimə öz zəmanəsində ki qadınların xanımı deyilmi? ”. Peyğəmbər cavab verdi: “Öz zəmanəsinin qadınlarının xanımı İmran qızı Məryəm idi. Fatimə isə dünyanın əvvəlindən axırına kimi bütün qadınların xanımıdır” (Şeyx Səduq. Əmali, LXXIII məclis, 18-ci hədis; XXVI məclis, 7-ci hədis; Həvizi. Təfsirü Nurüs-səqəleyn, I, 338).

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

Həzrət Zəhranın (ə) gecə dəfn edilməsinin səbəbi

Ətraflı cavab: Həzrət Zəhranın (s) cənazəsinin gecə dəfn olunması tarixin inkaredilməz faktlarındandır ki, həm şiə və həm əhli-sünnət alimləri bu hadisəni nəql etmişlər. Burada biz hər iki məzhəbin hədis mənbələrində nəql olunan hədislərə toxunuruq: Gecə dəfni əhli-sünnət hədislərində: Məhəmməd ibn İsmayıl Buxari yazır: وَ عَاشَتْ بَعْدَ النبی صلى الله علیه وسلم سِتَّهَ اَشْهُرٍ فلما تُوُفِّیَتْ دَفَنَهَا زَوْجُهَا عَلِیٌّ لَیْلًا ولم یُوْذِنْ بها اَبَا بَکْرٍ وَصَلَّى علیها   “Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşadı. Vəfat edəndə əri Əli onu gecə dəfn etdi, özü ona namaz qıldı və Əbubəkrə bu barədə heç bir söz demədi.” (1) İbn Quteybə Deynəvəri “Təvilu muxtələf əl-hədis” kitabında yazır:   وقد طالبت فاطمه رضی الله عنها ابا بکر رضی الله عنه بمیراث ابیها رسول الله صلى الله علیه وسلم فلما لم یعطها ایاه حلفت ان لا تکلمه ابدا واوصت ان تدفن لیلاً لئلّا یحضرها فدفنت لیلاً   “Fatimə Əbubəkrdən atasının irsini tələb etdi… Əbubəkr irsini ona verməkdən imtina etdi. Fatimə and içdi ki, bir daha onunla (Əbubəkrlə) danışmasın. O, vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və Əbubəkr onun dəfnindən iştirak etməsin. Beləliklə o gecə dəfn olundu.” (2) Əbdürrəzzaq Sənani yazır: Həsən ibn Məhəmməd nəql edir: “Əli, peyğəmbərin qızı Fatiməni gecə torpağa tapşırdı ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onlar arasında hadisələr baş vermişdi.” Müəllif davamında yazır:   عن ابن عیینه، عن عمرو بن دینار، عن حسن بن محمد، مثله؛ الاّ انه قال اوصته بذلک   “İbn Uyeynədən də buna bənzər hədis nəql olunmuşdur. Amma həmin hədisdə qeyd olunur ki, Fatimənin özü belə vəsiyyət etmişdi.” (3)   İbn Bəttal isə “Səhihi-Buxarinin şərhi” kitabında yazır: “Alimlərin əksəriyyəti cənazənin gecə dəfn olunmasını mümkün saymışlar… Əli ibn Abutalıb zövcəsi Fatiməni gecə ikən dəfn etdi. Bu, onun üçün idi ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onların arasında hadisələr baş vermişdi.” (4) İbn Əbul-hədid Cahizdən nəqlən yazır:   ابن ابی‌الحدید به نقل از “جاحظ ” مى‌نویسد: و اما اخفاء القبر، وکتمان الموت، وعدم الصلاه، وکل ما ذکره المرتضى فیه، فهو الذی یظهر ویقوی عندی، لان الروایات به اکثر واصح من غیرها، وکذلک القول فی موجدتها وغضبها.   “Fatimənin (s) ölümünün və qəbrinin yerinin məxfi saxlanması, Əbubəkr və Ömərin ona namaz qıla bilməməsi kimi hadisələr, həmçinin Seyid Mürtəzanın bu haqda yazdıqları mənim üçün öz təsdiqini tapıb. Çünki bu hadisələri təsdiqləyən hədislər daha səhih və sayca daha çoxdur. Həmçinin Fatimənin iki xəlifədən incikliyi haqda olan hədislər mənim üçün digər zidd hədislərdən daha çox mötəbərdir. (5)   Gecə dəfni şiə hədislərində: Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunması və onun özünün bu haqda vəsiyyəti şiə alimləri arasında yekdilliklə qəbul olunmuş bir məsələdir. Hədislərin birinə işarə edək: Mərhum Şeyx Səduq “İləluş-şəraye” kitabında həzrətin gecə dəfn olunmasının səbəbini açıqlayarkən belə bir hədisə istinad edir:   عَنِ الْحَسَنِ بْنِ عَلِیِّ بْنِ اَبِی حَمْزَهَ، عَنْ اَبِیهِ، قَالَ سَاَلْتُ اَبَا عَبْدِ اللَّهِ علیه السلام لِاَیِّ عِلَّهٍ دُفِنَتْ فَاطِمَهُ (علیها السلام) بِاللَّیْلِ وَ لَمْ تُدْفَنْ بِالنَّهَارِ؟ قَالَ: لِاَنَّهَا اَوْصَتْ اَنْ لا یُصَلِّیَ عَلَیْهَا رِجَالٌ (الرَّجُلانِ) Əli ibn Əbuhəmzə İmam Sadiqdən (əleyhis-salam) soruşur: “Nə üçün Fatiməni gündüz yox, gecə dəfn etdilər?” İmam dedi: “O, vəsiyyət etmişdi ki, gecə basdırılsın və bir neçə nəfər onun cənazəsinə namaz qıla bilməsin.” (6) Mövcud olan faktlardan və əhli-sünnət alimlərinin etirafından məlum olur ki, Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunmasının səbəbini həzrətin vəsiyyətində axtarmaq lazımdır. Həzrət ona zülm etmiş bir neçə nəfərin onun cənazəsinə namaz qılmasını istəmirdi və bu addımla xilafəti qəsb edənlərə olan etirazını nümayiş etdirirdi. (7)   Qeydlər: 1. “Səhihi Buxari”, cild 4, səh. 1549, hədis 3998. 2. Abdullah ibn Müslim ibn Qüteybə, “”Təvilu muxtələf əl-hədis”, cild 1, səh. 300. 3. “Əl-musənnəf”, cild 3, səh. 521, hədis 6554 və hədis 6555. 4. İbn Bəttal Qurtubi, “Səhihi-Buxarinin şərhi”, cild 3, səh. 325. 5. İbn Əbul-hədid, “Nəhcul-bəlağənin şərhi”, cild 16, səh. 170. 6. Şeyx Səduq, “İləluş-şəraye”, cild 1, səh. 185. 7. “Həzrət Vəliəsr” tədqiqat müəssisəsi. Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi  

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İBN TEYMİYYƏNİN HƏZRƏT ZƏHRANIN ƏBUBƏKİRDƏN İNCİKLİYİNƏ ETİRAZI

Ətraflı cavab: İbn Teymiyyə yazır: “Fatimənin (s) Əbubəkrdən küsüb kənara çəkilməsi ona yaraşan iş deyildi. Buna görə hökumət rəhbərini qınamaq olmaz. Bu əmələ görə Fatiməni (s) mədh etməkdənsə, onu qınamaq daha doğru olar. (1)   Cavabında deyilir: Əvvəla, Həzrət Fatimə (s) Quran ayələrinə və mötəbər hədislərə görə məsum insandır. Onun qəzəbi ilə Allah və peyğəmbər qəzəblənir. Belə ki, peyğəmbər (sallallahu əleyhi və alih) buyurur:   یا فاطمه! انّ الله یغضب لغضبک و یرضى لرضاک “Ya Fatimə! Həqiqətən, Allah-taala sənin qəzəbinlə qəzəblənər və sənin razılığınla razı olar.”   Bu hədisi əhli-sünnə alimlərindən bir çoxu öz hədis kitablarında nəql etmişdir.Məsələn: 1. İbn Əbu Asim (2). 2. Hakim Nişapuri (3). 3. Əbülqasım Təbərani (4). 4. Dulabi (5). 5. İbn Əsakir. (6) 6. Muhibiddin Təbəri (7). 7. İbn Həcər Heysəmi. (8). İkincisi, “Ya Fatimə! Allah-taala sənin qəzəbinlə qəzəblənir və sənin razılığınla razı olur” cümləsi əhli-sünnətin altı “səhih” kitabında olmasa da, Səhihi-Buxaridə ona bənzər ifadələr gözə dəyir. Buxari öz sənədi ilə Müsəvvər ibn Məxrəmədən nəql edir ki, Allahın rəsulu (sallallahu əleyhi və alih) buyurdu:   فاطمه بضعه منّی فمن اغضبها فقد اغضبنی Fatimə canımın bir parçasıdır. Onu incidən məni incitmişdir. (9) Demək, peyğəmbər (s) qızı Fatimənin (s) incikliyi onun incikliyidir. Qurani-Kərimdə deyilir:   اِنَّ الَّذِینَ یُوْذُونَ اللهَ وَ رَسُولَهُ لَعَنَهُمُ اللهُ فِی الدُّنْیا وَالآْخِرَهِ وَ اَعَدَّ لَهُمْ عَذاباً مُهِیناً   Allahı və Onun Rəsulunu incidənləri Allah dünyada və axirətdə Öz rəhmətindən uzaqlaşdırmış və onlar üçün xaredici bir əzab hazırlamışdır.(11) Qeydlər: 1. “Minhac əs-sunnə”, cild 4, səh. 244. 2. “Əl-ahad vəl-Məsani” cild 5, səh. 363. 3. “Müstədrək əla əs-səhiheyn”, cild 3, səh. 167. 4. “Əl-mocəm əl-kəbir”, cild 1, səh. 108 və cild 22, səh. 401. 5. “Əz-zəriətu tahirə”, cild 1, səh. 120. 6. ” Tarixi Dəməşq”, cild 3, səh. 156. 7. ” Zəxair əl-uqba”, cild 1, səh 39. 8. “Məcməuz-zəvaid”, cild 9, səh. 203. 9. “Səhihi Buxari”, cild 3, səh. 1361. 10. “Əhzab” surəsi, ayə 57. 11. Əli Əsgər Rizvani, “Sələfigəri və pasox be şübəhat”, səh. 112.   Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

Xanım Fatimeyi-Zəhra (s.ə) 15.01.2025

İbn Teymiyyənin Həzrət Zəhranın (s) gecə dəfn olunması ilə bağlı vəsiyyətinə etirazı həqiqətdirmi?

Ətraflı cavab: İbn Teymiyyə yazır: “… Hillinin nəqlinə görə Fatimə vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və heç kəs ona namaz qılmasın. Bu məsələni heç kəs Fatimədən nəql etməyib və cahil insanlardan başqa heç kəs ona istinad etməyib. O, Fatimənin adından əsla ona layiq olmayan sözlər yazır. Yazdıqları – doğru olduğu təqdirdə – təqdirəlayiq bir işdənsə, bağışlanmış günaha daha çox uyğun gəlir. Çünki bir müsəlmanın digərinə qıldığı cənazə namazı ona yetişən əlavə xeyirdir…” (1) Cavabında demək lazımdır: Həzrət Zəhra (əleyha-salam) yersiz olaraq belə bir vəsiyyət etməyib. O, hakim qurumla siyasi mübarizə aparmaq və insanları onların ədalətsizliyindən xəbərdar etmək üçün belə bir vəsiyyətə əl atdı. O, bu addımı ilə zehinlərdə peyğəmbərin (s) qızının nə üçün gecə dəfn olunduğu haqda sual yaratmaq istəyirdi. Ümmət bu vəsiyyətin sirrini başa düşsə, hazırkı xilafətin qeyri-qanuni olmasını və onların ədalətsizliyini anlayacaqdı. Həmçinin, onlar dəfndə iştirak etməklə ilə xalqa müsəlmanların haqq xəlifəsi olduqlarını və peyğəmbərin (sallallahu əleyhi və alih) əhli-beyti ilə bağlı heç bir problemin olmadığını nümayiş etdirmək istəyirdilər. Siyasətdən məlumatı olan hər bir insan bu vəsiyyətin xilafətə vurduğu ziyanları başa düşə bilər. Digər tərəfdən hər kəsin cənazəyə qıldığı namaz onun üçün əlavə xeyir-bərəkət sayılmır. Həzrət Zəhra (salamullahi əleyha) “Təthir” ayəsinə və digər hədislərə əsasən məsum insan sayılır, o, hər hansı səhv və xətadan uzaqdır. Peyğəmbər (sallallahu əleyhi və alih) onun haqqında belə demişdir: فاطمه بضعه منّی من اغضبها فقد اغضبنی Fatimə canımın bir parçasıdır, onu incidən hər kəs məni incitmişdir. Bu şəkildə vəsiyyət edən bir insan sözsüz ki, hakim qurum və hökumət başçılarından narazı idi. Demək, onlar peyğəmbərin (s) də narazılığına səbəb olmuşlar. Sözü gedən hədis Həzrət Zəhranın (əleyha-salam) məsumluğundan hekayət edir. Yəni, həzrət bütün hallarda, o cümlədən narahat vaxtında da məsum idi. Belə olmasaydı, Allah-taala həzrətin bütün qəzəb hallarında qəzəb etməzdi. Qısa desək, həzrət Zəhra (s) bu vəsiyyəti ilə qiyamət gününəcən birinci xəlifənin hakimiyyətinə dəyər verən bütün kəslər üçün dəlili tamamladı….. Daha əhəmiyyətlisi budur ki, İbn Teymiyyə belə bir vəsiyyətin olmasını kökündən rədd edir və Zəhranın (salamullahi əleyha) gecə dəfn edilməsi ilə bağlı fikirləri sual altına alır. Halbuki hər iki təriqətin mötəbər mənbələrinə əsasən həzrətin gecə dəfninə dair vəsiyyəti və gecə dəfn olunması aydın bir məsələdir. Buxarı öz silsilə-sənədi ilə Ayişədən belə nəql edir: “Peyğəmbərin (s) qızı Fatimə Əbubəkrin yanına peyğəmbərdən qalmış irsdən öz səhmini tələb etmək üçün qasid yolladı. Bu irs Fədək və Mədinə qənimətindən, eləcə də Xeybərin xümsündən qalmışdı…  Əbubəkr bu əmlakı ona verməkdən imtina etdi. Fatimə Əbubəkrdən incidi və ömrünün sonunadək onunla danışmadı. O, peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra altı ay yaşadı. Vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi və Əbubəkrə bu barədə heç bir söz demədi.” (3) Müslim də Həzrət Zəhranın (ə) Əbubəkrə etirazı və vəfatı haqqında hədis nəql edir: “Əli (əleyhis-salam) Həzrət Fatimənin (əleyha-salam) ölümü ilə bağlı Əbubəkrə heç nə demədi və özü ona cənazə namazı qıldı.” (4) Yəqubi nəql edir: “… Fatimə əri Əliyə vəsiyyət etdi ki, ona qüsl versin… və onu gecə torpağa tapşırsın. Nəqllərə görə Salman, Əbuzər, (bir nəqlə görə) Əmmardan başqa heç kəs onun dəfn mərasimində iştirak etmədi.” (5) İbn Əbulhədid yazır: “Səhih hesab etdiyimiz hədisdə deyilir ki, Fatimə (s) dünyadan köçərkən Əbubəkr və Ömərdən incikli getdi. O, vəsiyyət etdi ki, bu iki nəfər onun cənazəsinə namaz qılmasın. (6) (7 Qeydlər: Minhac əs-sunnə”, cild 4, səh. 247, 248. 2. “Səhihi Buxari”, bab Mənaqib Fatimə (əleyha-salam). 3. “Səhihi Buxari”, cild 5, səh. 177. 4. “Səhihi Müslim”, cild 3, səh. 1380, hədis 1759. 5. “Tarixi Yəqubi”, cild 2, səh. 115. 6. İbn Əbulhədid, Nəhcül-bəlağənin şərhi, cild 6, səh. 50. 7. Əli Əsgər Rizvani, “Sələfigəri və pasox be şübəhat”, səh. 115.  Ayətullahul-Üzma Şeyx Məkarim Şirazi

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...