Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Rza (ə) 27.01.2025

Qərib İmam Rzanın (ə) müsibətli şəhadət günü

İmam Rzanın (ə) şəhadət hadisəsi səfər ayının sonuna təsadüf edir. İmam (ə) 203-cü hicri ilinin səfər ayının son günündə dünyasını dəyişmişdir. Şəhid olan zaman İmamın (ə) 55 yaşı var idi. Əba Sələt Hərəvi İmamın (ə) ən yaxın dostlarından idi və o, bizə şəhadətin keyfiyyətindən xəbər vermişdir. Məmunun (lən) İmamı (ə) Xorasana gətirməkdəki məqsədi hakimiyyətini möhkəmləndirmək və Əhli-Beyt (ə) davamçılarının rəğbətini qazanmaq olmuşdur. Ancaq bu xəbis düşmən İmamın (ə) elmini və əxlaqını görməməzliyə vurduğu üçün çox məyus olur və İmamın (ə) insanlar arasında günü-gündən artan hörməti onu dəli edir və özündən çıxardır. Əsl hədəfinin alt-üst olduğunu görən Məmun, İmamı (ə) aradan aparmağı qərara alır və bunu elə etmək istəyir ki, sanki İmam (ə) öz ölümü ilə ölmüşdür. Bizə çatan hədislərdən belə nəticəyə gəlmək olur ki, İmam (ə) ya zəhərli nar, ya da zəhərli üzüm suyu ilə zəhərlənmişdir. Məmunun xidmətçilərindən olan Abdullah ibni Bəşər nəql edir: “Məmun mənə əmr etmişdi ki, dırnaqlarımı tutmayım və bunu heç kəsə söyləməyim. Mən də belə etdim və sonra məni çağırtdırdı və mənə hind qozu kimi bir şey verdi və dedi ki, bunu əlinlə yumşalt. Mən də elə etdim və sonra ayağa qalxıb, İmamın (ə) yanına getdi və ona dedi: “Halın necədir?”. İmam (ə) buyurdu: “Ümid edirəm ki yaxşı olacaq”. Məmun dedi: “Mən də Allaha həmd olsun bu gün yaxşıyam. Bu gün xidmətçilərdən kimsə bura gəlibdirmi?”. İmam (ə) buyurdu: “Xeyr”. Məmun qəzəbləndi və xidmətçilərinə əmr etdi ki, nar gətirsinlər. Sonra məni çağırdı və dedi: “Bir dənə nar gətir” və mən də gətirdim. Dedi: “Öz əlinlə onu sıxıb, suyunu çıxart”. Narın suyunu sıxan kimi, Məmun onu İmama (ə) içizdirdi. Bu nar suyu onun şəhadətinə səbəb oldu. Ondan iki gün sonra vəfat etdi”. O zaman ki, Məmun İmamın (ə) yanından çıxıb gedir, Əba Sələt gəlir və İmam (ə) ona buyurur ki, Məmun öz işini gördü və sonra Allahı həmd etməyə başladı. Məmun çalışırdı ki, heç kəs İmamın (ə) şəhadətindən xəbərdar olmasın. Məmun (lən) insanları, etdiyi cinayətdən xəbərsiz buraxmağa çalışırdı. Deyirdi ki, İmam (ə) öz ölümü ilə vəfat etmişdir. Ancaq həqiqət gizli qalmadı və İmamın (ə) yaxın dostları olan hadisədən agah oldular. İmam Rza (ə) şəhid olan zaman Məmun bu xəbəri elan etmədi və Həzrətin (ə) cənazəsini bir gün və bir gecə saxladı. Sonra Həzrət Əli ibn Əbutalibin (ə) nəslindən olanları çağırtdırıb, cənazəni onlara verdi və ağlamağa başladı. O, deyirdi: “Ey qardaşım! Mənə çətindir ki, səni bu halda görüm. Halbuki arzu edirdim ki, mən səndən qabaq öləm. Ancaq Allah istədiyini edir”. Məmun çox ah-vay edir və İmamın (ə) cənazəsini özü öz çiynində aparır. Qəbir qazılmazdan əvvəl Məmun gəlib çatır və əmr edir ki, Həzrəti (ə) atasının yanında dəfn etsinlər. Sonra demişdi: “Bu qəbrin sahibi mənə demişdi ki, qəbrimdən su çıxacaq və orada balıq görünəcəkdir”. Qəbri qazan zaman oradan su qaynamağa başladı və içində balıq göründü. Sonra su aşağı yatdı və İmamı (ə) orada dəfn etdilər”. Allahım, bizləri İmam Rzanın (ə) şəfaətindən məhrum etmə!//Deyerler.org   www.ahliman.info

İmam Rza (ə) 27.01.2025

Məşhədin sönməz ulduzunun mövludu

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir. (Havzəh)   İmam Rza (ə) öz zəmanəsinin ən fəzilətli, ən abid və ən alim insanı olmuşdur. Bütün ali insani sifətlərə və kamallara malik idi. Rica ibni Əbi Zəhak deyir: . Həmin şəxs nəql edir ki, İmam Rza (ə) yatağına getməzdən əvvəl Quran oxuyardı və nə zaman behiştlə cəhənnəm sözünə çatardı, ağlayardı. Allahdan behişt istəyər və cəhənnəmdən Ona pənah aparardı.   İmamın (ə) nəzərinə görə zahid o şəxsdir ki, dünyaya olan meyli, onun Allahdan qəflət bəsləməsinə səbəb olmaz, onu haqq yolundan azdırmaz. Ona görə də halal İlahi nemətlərdən düzgün şəkildə bəhrələnməyin zahidliklə heç bir ziddiyyəti yoxdur. İbni Əbad nəql edir ki, İmam Rza (ə) yayda həsirin üzərində, qışda palazın üzərində əyləşər, sadə və parçası sərt olan paltar geyinərdi. Nə zaman insanların arasına getsə idi, geyiminin səliqəli və bəzəkli olmasına xüsusi diqqət edərdi.   Məsum İmamlara (ə) verilən İlahi nemətlərdən biri də elmdir. İmamlar (ə) elm susuzlarını öz sonsuz mərifətləri ilə sirab edərdilər. Hətta düşmənləri belə onların sonsuz elmini etiraf edərdilər. Abbasi xəlifəsi olan qəsbkar Məmun nəql edir: “Mən yer üzərində bu kişidən daha bilikli heç kəsi tanımıram”.   İbrahim ibni Abbas nəql edir: .   İmam Rza (ə) öz danışığı və rəftarı ilə insanlara göstərmək istəyirdi ki, kəramət və şərafətdə hamı eyni və bərabərdir. İnsanı başqalarından ayıran tək meyar – təqva və saleh əməldir. İmam Rza (ə) qara dərili insana işarə edərək buyurmuşdu: “Əgər kimsə güman edirsə ki, mən ondan yaxşıyam – düzgün deyildir. Məgər o halda ki, saleh əməlim olsun”İmam (ə) həmişə yoxsullara və kasıblara əl tutardı. Nə zaman yoxsula bir şey versəydi, onu elə edərdi ki, həmin şəxsin izzəti zədələnməsin. Süleyman Həzrətə (ə) belə bir sual verir: “Niyə bağışlayan zaman üzünüzü əlinizlə örtürsünüz?”. Həzrət (ə) buyurur: “İstəmədim ki, xahiş zillətini üzündə görüm”İmam Rza (ə) 20 il imamətlik etdi. Bu dövrdə çox sayda zalım hakimlər və xəlifələrlə mübarizə aparardı. Harun ər-Rəşidin dövründə belə, Həzrət (ə) bir an da olsun amanda olmadığını bilərək, yenə də məzlumların tərəfini saxlayır və onları müdafiə edərdi. Məmunun zamanında isə Həzrət (ə) Xorasana gəlməli olur. Məmunun hiylələri və fırıldaqları İmama (ə) çox əziyyət verirdi.   Məmun öz qardaşı Əmini öldürəndən sonra hökumətini möhkəmləndirmək üçün İmamı (ə) Xorasana gətirir və hökuməti ona təklif edir. İmam (ə) Məmunun siyasi hiyləsindən xəbərdar olduğu üçün bu təklifi qəbul etmir. Məmun sonra vəliəhd mövzusunu açır və İmamı (ə) öz vəliəhdi elan edir. İmam (ə) buna qarşı çıxan zaman isə Məmun onu öldürəcəyi ilə hədələyir. İmam (ə) Məmunun bu təkidi ilə, İslamın maraqlarını nəzərər alaraq, vəliəhd olmağı qəbul edir. Lakin xəlifədən narazı olduğunu göstərmək üçün şərt kəsir ki, hökumət işlərinə qarışmayacaq və heç kəsi işdən çıxartmayacaqdır. Sadəcə məsləhətçi kimi fəaliyyət göstərə bilər.     Məmun dəfələrlə elmi məclislər təşkil edir və İmamı (ə) da bura dəvət edərdi. Əslində niyyət İmamı (ə) rüsvay etmək və elmi mübahisələrdə məğlub olmasını izləmək olardı. Lakin hər dəfə məclisdə iştirak edən alimlər İmamın (ə) sonsuz elmini etiraf edər və ona baş əyərdilər. Bu da Məmunu çox qəzəbləndirərdi.   İmamın (ə) xoş rəftarlı olması bütün insanların dilində əzbər idi. O, bütün insanlara hörmət edərdi. İnsanları alçaltmaqdan həmişə çəkinərdi. O, müsəlmanlara öyrədərdi ki, bir insanın şərafətli olması o demək deyildir ki, başqalarını həqir görsün və təhqir etsin. İnsanın izzəti ondadır ki, başqalarının abrını qorusun və insanların şəxsiyyətini alçalda bilən əməldən çəkinsin.   Bəli, İmam Rza (ə) öz elmi səviyyəsi, əxlaqı, danışığı və rəftarı ilə hamını özünə heyran etmişdi. Hətta o dövrün şairləri belə bunu etiraf edir və şeirlərində bəyan edirdilər. Bu şairlərdən biri də Əbu Nəvas idi. O, bir gün İmamı (ə) görür və ondan icazə alır ki, şeir desin. İmam (ə) da ona icazə verir. O, öz şeirində İmamın (ə) məqamını və nəslini mədh edir, onu yaranmışların ən üstünü adlandırır.   Salam olsun sənə, ey İmam Rza!   Salam olsun sənə, ey Məşhədin sönməz ulduzu!   Salam olsun sənə, ey Əbül-Həsən!   /Deyerler.org/

İmam Rza (ə) 27.01.2025

Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar – İmam Rzanın (ə) buyuruşları

Həzrət İmam Rza (ə) nəbəvi məktəbinin bir nümayəndəsi kimi insan tərbiyəsində böyük rola malik olmuşdur. Onun bizə qoyub getdiyi nəsihətlər və moizələr hər birimiz üçün insanlıq dərsidir. Hər kim bu nəsihətlərə qulaq veridiqqət edib, əməl edərsə ubudiyyətin yüksək mərtəbələrinə çatmaq şansını artırar. (Tebyan)   Bəs İmam (ə) bizə hansı dərsləri vermişdir?   1. Saleh əməl sayəsində Əhli-Beytə (ə) dostluğunu nümayiş etdirmək. İmam Rza (ə) buyurur: “Məbada, yaxşı əmələ söykəndiyiniz üçün Ali-Muhəmmədə (s) dostluğu tərk edəsiniz. Məbada Ali-Muhəmməd (ə) dostluğuna söykəndiyiniz üçün saleh əməli əldən verəsiniz. Çünki bu ikisindən heç biri tənha halda qəbul olmayacaqdır”.   2. İmam (ə) buyurur: “Beş sifət vardır ki, hər kimdə olmazsa, dünya və axirətdən bir şeyə çatacağına görə ümid bəsləməyin: a) O kəsin ki, təbiətində etimad görməyəsiniz. b) O kəsin ki, fitrətində kərəm tapmayasınız. c) O kəsin ki, xəlqində mətanət görməyəsiniz. d) O kəsin ki, nəfsində nəcabət görməyəsiniz. e) O kəs ki, Allahından qorxmaz”.   3. İmam (ə) buyurur: “Əmir və hakim ilə ehtiyatla yoldaşlıq et. Dostunla təvazökarcasına, düşməninlə duaya (səni qoruyacaq) pənah apararaq, insanlarla xoş üzlə rəftar et”.   4. İmam (ə) buyurur: “Bir-birinizi görməyə gedin ki, bir-birinizi sevəsiniz. Bir-birinizin əlini sıxın və bir-birinizə qəzəblənməyin”.   5. İmam (ə) buyurur: “Vacibatı yerinə yetirdikdən sonra, Allah yanında mömini sevindirməkdən üstün əməl yoxdur”.   6. İmam (ə) buyurur: “Hər kim möminin qəmini aradan aparar, Allah Qiyamət günü qəlbindəki qəmi aradan aparar”.   7. İmam (ə) buyurur: “Mömin həqiqi mömin deyildir, məgər o halda ki, onda bu 3 sifət olsun: a) Allahından olan sünnət. b) Peyğəmbərindən (s) olan sünnət. c) İmamından (ə) olan sünnət. Allahından olan sünnət – öz sirrini gizlətməkdir. Peyğəmbərdən (s) olan sünnət – insanlarla mülayim rəftar etməkdir. İmamından (ə) olan sünnət – yoxsulluq və pərişanlıq zamanı səbir etməkdir”.   /Deyerler.org/

İmam Rza (ə) 26.01.2025

Günəşlər günəşi imam Rza əleyhissalam

Bizim hamımızın qəlbində imam Rza əleyhissalama özünəməxsus sevgi və məhəbbət vardır. O həzrətin adı çəkiləndə hər kəsin fikrində imam Rzanın (ə) müəyyən bir xüsusiyyəti və ya onun başına gələn mühüm hadisələrdən biri canlanır. Məsələn, İmamın Xorasana sürgün edilməsi, qəribçiliyi, vəliəhd olması, bacısı barədə tövsiyələri, qeyri-müsəlman alimləri ilə mübahisələri, qərib yerdə şəhid edilməsi və ilaxır. Lakin o xüsusiyyət və hadisələrin heç biri imam Rzanın (ə) həyatındakı ən mühüm səciyyə deyil, düzdür bizim qəlbimizdə özünə yer etmiş xüsusiyyət və əməllərin hamısı imam Rzanın (ə) həyatının mühüm hdisələrindəndir, bununla belə ən mühüm xüsusiyyət deyil. Məsum imamların (onların hamısına salam olsun) hamısı mənəviyyat və risalət səmanının günəşidirlər, ancaq imam Rzanın (ə) günəşlər günəşi ləqibi ilə tanınmasına səbəb o həzrətin İslam dininə iki böyük xidmətinə görə olmuşdur. Birinci uğur, “imamtanıma” şüurunu ümumxalq inamına çevirməsi idi. O vaxta qədər imamtanıma xüsusi şəkildə idi, yəni zamanın İmamını çox az insan tanıya bilirdi. Məsəslən, həcc mövsümlərindən birində imam Cəfər Sadiq (ə) bir neçə yaxın səhabəsi ilə Məkkəyə həccə getmişdi. İmam Cəfər Sadiq (ə) Kəbə evini təvaf etdikdən və İbrahim (ə) məqamının arxasında iki rükət namaz qıldıqdan sonra kənara çəkilib zəmzəm quyusunun yanında oturdu. Səhabələrdən biri dedi: Ey Peyğəmbərin övladı! Kəbədəki qara daşı öpərək ona əl sürtməyə necə baxırsınız? İmam Cəfər Sadiq (ə) buyurdu: “Qara daşa əl sürtmək və onu öpmək müstəhəbdir. Həzrət Muhəmməd (s) təvaf edib iki rükət namaz qıldıqdan sonra qara daşı öpər və ona əl sürtərdi.” Həmin səhabə dedi: -elə isə bəs siz o əməli niyə etmədiniz? İmam Cəfər Sadiq əleyhissalam buyurdu: “İnsanlar həzrət Muhəmmədi (s) peyğəmbər olaraq tanıyıtdılar, ona görə də o həzrət qara daşa sarı hərəkət etdikdə insanlar kənara çəkilərək Allahın Rəsulu (s) üçün dəhliz yaradırdılar və o həzrət rahatlıqla gedib qara daşa əlini vururdu. Lakin insanlar məni (zamanın İmamı olaraq) tanımırlar, ona görə də mənə qara dası ziyarət etməyə imkan vermirlər…” Bəli, imam Rzanın (ə) zamanına qədər imamtanıma yalnız bəzi insanlara nəsib olmuşdu, hər imamın imamlığı dövründə az dəstə adam bu mərifətə malik idilər. Bu da məhz imam Rzanın (ə) Xorasana gəlişi ilə baş tutdu, belə ki o həzrət ömrünün son iki ilində imamtanıma mərifətini xüsusilikdən çıxararaq ümumxaql və ümumümmət inamına çevirdi. Zamanın imamını tanıyanların sayı bir neçə nəfərdən yüzminlərlə insanın inancına çevrildi. Baxın, imam Rza (ə) Xorasana təzə ayaq qoyduğu və xilafətin Mərkəzi olan Mərv şəhərinə çatmamış o yolun üstündə yerləşən Nişabur şəhərindən keçərkən iyirmi min (20.000) nəfərə yaxın insan o həzrətin olduğu karvanın qarşısına çıxaraq imamdan xahişlə Allahın Rəsulundan (s) mühüm bir dini mərifəti açıqlayan bir hədis eşitmək istədiklərini bildirirlər. Onların dörd minə yaxını əllərində qələm və kağız tutaraq İmamın sözlərini qələmə alırlar. Həmin zaman imam Rza (ə) ata babalarının (onların hamısına Allahın salamı olsun) vasitəsilə nəql edilmiş hədisi onlara buyurur: “… Allahın Rəsulundan (s) eşitdim ki, buyurdu: Allah Taala buyurur: – La ilahə illAllah (Allahdan başqa tanrı yoxdur şüarı) Mənim qalamdır. Kim Mənim qalama daxil olarsa Mənim əzabımdan amanqa olar.” İmam Rza (ə) bu sözləri deyib dayandı, əslində bu sözlər camaat üçün yeni bir söz deyildi, çünki həzrət Muhəmməd (s) peyğəmbərlik dəvətinin ilk çağlarından insanlara “la ilahə illAllah deyin və xoşbəxt olun” deyə buyurmuşdu. Karvanın qarşısında dayanmış minlərlə insan təəccüb dolu baxışlarla imama baxdı, sanki baxışları ilə o hədisin batini və sirlərindən birini eşitmək istəyirdilər. Bu vaxt karvana hərəkət göstərişi verildi, insanları heyrəti birə min çoxaldı, bu an imam Rza (ə) bir cümlə ilə dünya dolu söz dedi. O həzrət buyurdu: Lakin (la ilahə illAllahın) şərtləri vardır, o şərtlərdən biri də mənəm (zamanın imamıdır).” Yəni siz la ilahə illAllah deməyinizlə o vaxt Allahın qalasına sığınmış olarsınız ki, biz Əhli-beytin (ə) imamət və vilayətini qəbul etmiş olasınız. Əslində imam Rza (ə) bu hədisdə nəticəni əvvəldə demişdi, necə ki sevimli Peyğəmbərimiz (s) də “la ilahə illAllah deyin və xoşbəxt olun” kəlamında yalnız nəticəni bildirmişdi. İmam Rza (ə) bu sözləri əksəriyyəti şiə olmayan və tanımadığı adamların qarşısında söyləmişdir, bu sözləri imamətə etiqadı olmayan insanların qarşısında söyləmək böyük cəsarət və şücaət tələb edir. Çünki bu sözləri deyən şəxs camaatın bu sözlərə dözə bilməyərək əksüləməl göstərə biləcəkləri də ehtimal etməlidir. İmam Rza (ə) çoxlu sayda dini maarififdən hansınısa açıqlamaq əvəzinə Əhli-beytin (ə) vilayətindən söz açır. Bu sözlər hətta şiələrin arasında deyilsəydi belə onların bir çoxları bu mənaya dözəməyə bilərdi. Qurani-kərimdə on bir yerdə İlahi Peyğəmbərlər (onların hamısına Allahın salamı olsun) insanlara dəvət zamanı “Allahdan qorxun və mənə itaət edin” (Şüəra surəsi 108-ci ayə və sair) deyə buyurmuşlar. Qurani-kərimin ayələri bildirir ki, Peyğəmbərlərin (ə) bu sözləri camaatın əksəriyyətinə ağır gəlirdi və onlar Peyğəmbərlər (ə) ilə müxalifətçilik edirdilər. İnsanlar Peyğəmbərlərin (ə) gətirdiklərindən daha çox onların özləri ilə düşmənçilik edirdilər. Məsələn, Nuh peyğəmbər (ə) barədində kafirlər deyirdilər: فَقَالَ الْمَلَؤُاْ الَّذِينَ كَفَرُواْ مِن قَوْمِهِ مَا هَاذَا إِلَّا بَشَرٌ مِّثْلُكمُ‏ْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ “(Nuh) qövmünün kafir başçıları (tabeçiliyində olanlara) dedilər: ‘Bu sizin kimi yalnız adi bir insandır. (Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir.” Möminun surəsi 24-cü ayə Onlar nə üçün belə deyirdilər? Çünki Peyğəmbərlər (ə) mənə itaət edin, deyə buyururdular. Bu söz isə camaata ağır gəlirdi. Bəli, orası elədir ki, İlahi Peyğəmbərlərin (ə) insanları itaətə dəvət etməkdən məqsədləri insanları Allaha sarı, yəni Allahın itaətinə dəvət etmək idi. Lakin insanların Allaha itaət etmələri üçün Onun göndərdiyi peyğəmbərlərə itaət etmək dinin tövhiddən sonrakı birinci şərtidir. Qurani-kərim Nisa surəsinin 80-ci ayəsində buyurur: مَّن يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللَّهَ وَ مَن تَوَلىَ‏ فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا “Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə (qoy döndərsin)! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik.” İnsan necə dindar ola bilər ki, zamanın höccətinə itaət etməsin? Allahın vəlisinə itaət etmək Allahın özünə itaət etməkdir. Məhz elə buna görə də imam Rza (ə) insanlara anlatdı ki, zamanın imamı Allah Taala ilə birbaşa rabitəsi olan şəxsdir, onu qəbul etmədən dindarlıq etmək səmərəsiz olacaqdır. Odur ki, Allah Taala Qurani-kərimin Ali-İmran surəsinin31-ci ayəsində buyurur: قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونىِ يُحْبِبْكُمُ اللَّهُ وَ يَغْفِرْ لَكمُ‏ْ ذُنُوبَكمُ‏ْ “(Ey Muhəmməd!) De: Əgər Allahı sevirsinizsə mənə tabe olsun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” Deməli, imam Rzanın (ə) “şərtlərdən biri də mənəm” deməsi və öz üstünlüyünü bildirməsi bir çox insanlara ağır gələ və onların əksüləməllərinə səbəb ola bilərdi, ancaq bu ehtimal olunan təhlükə imam Rzanın (ə) həqiqəti açıq deməsinə mane ola bilmədi. Allahdan istəyək ki, zamanın imamı həzrət Mehdi əleyhissalam zühur edərkən “ənəl Məhdi fəttəbiuni (mən Mehdiyəm elə isə mənə tabe olun)” deyə nida etdikdə o həzrətin çağırışına heç bir tərəddüd etmədən ləbbeyk (tabeyik) deyə bilək.   Rza Əzizoğlu İrəvani

İmam Rza (ə) 26.01.2025

İmam Rzadan (ə) öyrəndiyimiz Həzrəti Mehdiyə (af) ehtiram əməli

Bizim aramızda adətdi ki, İmam Zamanın (af) adı gəldikdə ayağa durub əlimizi başımızın üstünə qoyuruq. Ola bilsin ki, bizim çoxlarımız bunun İmam Rza (ə) tərəfindən rəvayət edildiyini eşitməmişik. Bu əməl İmam Rzanın (ə) həyat tərzində görsənir. Belə ki, İmam Rzanın (ə) yanında “Qaim” kəlməsi deyildikdə o əlini başına qoyar, təvazökarlıqla ayağa durar və fərəc üçün dua edərdi: وَضَعَ الرّضا یدَهُ عَلی رَاسِهِ و تَواضَعَ قائماً و دَعا لَه بِالفَرَج Sonra isə buyurardı: اللّهُمَ عَجِّل فَرَجَهُ و سَهِّل مَخرَجَهُ “Ey Allah, onun fərəcində və zühurunda tələs və zühurun yolunu asanlaşdır”. Əlbəttə, burada ola bilsin belə bir sual ortaya çıxsın: niyə görə başqa imamların adı gəldikdə bu əməl edilməzdi? Səbəbi bundan ibarətdir ki, yalnız Həzrəti Mehdiyə (af) ehtiram xarakteri daşınmayan bu əməldə başqa bir iş də var idi. O da bundan ibarət idi ki, ayağa durub əli başa qoyub dua etmək qiyama hazır olmağın bir nişanəsi idi. Yəni Həzrəti Mehdi (af) qiyam edib ümumdünyəvi dövlət yaratdıqda biz də ayağa durub hazırlıq nişanəsi olaraq öz dəstəyimizi veririk. (shabestan)

İmam Rza (ə) 26.01.2025

İmam Rza əleyhissalamın əxlaqlından damlalar

1- İmam Rza əleyhisalamın əxlaq və ədəbi . İbrahim ibn Abbas deyir: “Mən heç vaxt görmədim ki, İmam Rza əleyhissalam kiməsə pislik ya zülm etmiş ola. O həzrət heç kimin sözünü kəsməzdi, heç kimin istəyini cavabsız qoymazdı, məclisdə heç vaxt ayaqlarını uzatmazdı, ehtiramsızlığa səbəb ola biləcək şəkildə kiməsə söykənib oturmazdı, öz xidmətçilərinə kobud söz deməzdi, camaatın yanında tüpürməzdi, heç vaxt qəhqəhə ilə gülməzdi və o həzrətin gülüşü adətən təbəssüm idi. (Hədiqətuş-şiə 2-ci cild 859-cu səhifə) 2- İmam Rza əleyhissalamın səxavəti . İmam Rza əleyhissalamın mübarək həyatına da toxunmuş yüzlərlə tarix kitablarına nəzər saldıqda görürük ki, o həzrətin həyatda ən çox sevdiyi işlərdən biri imkansız və ehtiyaclı insanlara yardım etmək, onların qəm-qüssələrini sevincə çevirmək olmuşdur. Hətta Xorasanda olduğu müddətdə ərəfə günlərindən birində özünün bütün malını kasıblar arasında bölüşdürdü. İmam Rza əleyhissalamın bu işi Fəzl ibn Səhlə çətin gəldi və o, İmama -ziyana düşdün, dedi. Amma İmam Rza əleyhissalam ona dedi: “Sən düşündüyün kimi deyil, mənim bu işimin nə qədər savabı olduğuna diqqət yetirsən görərsən ki, mənin bu işim ziyana düşmək yox, xeyir və fayda qazanmaqdır.” (Mənaqib 4-cü cild 490-cı səhifə) Həmçinin nəql edilmişdir ki, yoxsul bir adam İmam Rza əleyhissalama üz tutub buyurdu: “mənə mərdliyin və mürüvvətin qədərində bəxşiş ver.” İmam Rza əleyhisslam buyurdu: “Belə bir iş hazırda mənim imkanımdan xaricdir.” Yoxsul şəxs öz səhvini başa düşdü və dedi: “Mənə mənim mürüvvətim qədərində bəxşiş et.” İmam Rza əleyhissalam üzünü xidmətçiyə tutub buyurdu: “ona yüz dinar ver.” (Biharul ənvar 49-cu cild 91-ci səhifə) 3- Təqva və ibadət . İmam Rza əleyhissalamın əxlaqının ən ali səviyyədə olmasına səsəb olan amillərdən biri o həzrətin Allah Taala ilə olan dərin mənəvi rabitə və bağlılığı olmuşdur. Bu amil tam bariz şəkildə o həzrətin ibadətlərinin çoxluğunda və təqvasında təcəlli etmişdir. İbrahim ibn Abbas bir rəvayətdə deyir: “İmam Rza əleyhissalam gecənin az bir hissəsini yatardı, gecəni səhərə qədər oyaq qalaraq ibadət edərdi. Çoxlu oruc tutardı, elə bir ay olmayıb ki, o həzrət həmin ayda üç gündən az oruc tutmuş ola.” (əl-İttihaf yuhibbul əşraf 59-cu səhifə) Həmçinin xəbərlərdən birində Şəbravi də nəql etmişdi ki, İmam Rza əleyhissalam həmişə dəstəmazlı olardı, gecələr çoxlu namaz qılardı… ” (əl-Kafi 2-ci cild 579-cu səhifə) Bundan əlavə biz İmam Rza əleyhissalamın dualarına nəzər saldıqda görürük ki, o duaların hamısı bənsəçilik ruhu, Allah Taala ilə ünsiyyət və münacat, eləcə də Allah Taalaya təvəkkül ilə zəngindir. İmam Rza əleyhissalam o duaların birində buyurur: يا من دلّني علي نفسه و ذلل قلبي بتصديقه اسالک الامن و الايمان في الدنيا و الاخرة “Ey, məni Özünə sarı yönəldən, Özünü təsdiq etdirməklə qəlbimi aram və rahat edən, Səndən dünyada və axirətdə əmniyyət (asayiş) və iman istəyirəm.” (əl-İrşad 2-ci cild 261-ci səhifə) 4- Elm və geniş bilik . İmam Rza əleyhissalamın şəxsiyyətinin böyüklüyünü və dahiliyini göstərən cəhətlərdən biri də o həzrətin bütün elmlərə və məlumatlara heyətləndirini əhatəsi və biliyinin olmasıdır. Belə ki, o həzrətin düşməni olan xəlifə Məmun da bu həqiqəti etiraf edərək deyir: “Mən yer üzündən bu kişidən –İmam Rza əleyhissalamdan- daha savadlı olan kəs tanımıram.” (Əlamul vəra 3-cü cild 4-cü səhifə) İmam Rza əleyhissalam öz zamanının ən elmli insanı idi, buna görə də dünyanın hər yerindən alimlər və fəqihlər o həzrətin yanına gəlirdilər, özlərinin çətin suallarının cavabını İmamdan öyrənirdilər. Rza Əzizoğlu İrəvani

İmam Rza (ə) 26.01.2025

İmam Rizanın (ə) rəbbani alimlə görüşü

Əhli-beytin (ə) iştirakı ilə qəbr evi nura boyanar. İnsan üçün ən ağrılı məqamlardan biri də qəbir evindədir. Qəbir evi qürbət, dəhşət, zülmət evidir. Amma Əhli-beyt (ə) aşiqləri üçün qəbir evi ilahi nurla işıqlanmış bərzəxdir. Əhli-beytin (ə) iştirakı ilə qəbr evi nura boyanar. Mərhum Hacı Şeyx Mürtəza Hairi Əhli-beytə (ə) fövqəladə eşqə malik hövzə alimlərindən idi. İmkanı olan kimi isti-soyuq bilməz, avtobusa əyləşib imam Rizanın ziyarətinə gedərdi. Dünyasını dəyişdikdən sonra onu yaxınlarından biri yuxuda görür. Ağadan əhvalını soruşduqda o buyurur: “Yetmiş beş dəfə Qumdan Məşhədə imam Rizanın (ə) ziyarətinə getdim, həzrət də öz növbəsində yetmiş beş dəfə görüşümə gəldi.

İmam Rza (ə) 26.01.2025

Ayətullah Məkarim Şirazinin görüşündə İmam Rzanın (ə) elmi üslubunun təhlili

İmam Əli ibn Musa Rzanın (ə) münazirələri &ndash elmi mübahisələri keçmişə aid tarixi məsələ deyil, əksinə, İslamı &ndash məktəb və ideologiyamızı müdafiə etməkdən ötrü bugün və bütün zamanlar üçün geniş əhatəli və əhəmiyyət dolu bir qaynaqdır.   İslam peyğəmbərin (s) səkkizinci canişini, onun pak sülaləsindən gələn şəxsiyyət, şiələrin səkkizinci imamı, İmam Əli ibn Musa Rzanın (ə) bərəkətli doğumunun il dönümündə qərarlaşmışıq. O həzrət (ə), hicri-qəməri tarixlə 148-ci ildə, zilqədə ayının 11-i, Mədinə şəhərində dünyaya göz açmışdır. Şübhəsiz, siyasi şərait və ictimai mühitdən asılı olaraq, məsum imamların (ə) həyat yolunun spesifik keyfiyyətləri vardır və onların izahı İslam ictimaiyyəti, xüsusilə də İslamın yeni sivilizasiyası yönündə təkrarsız nümunələr kimi nəzərdə tutula bilər. Odur ki, İmam Əli ibn Musa Rzanın (ə) xeyirli və bərəkətli mövludu ərəfəsində olmaq bizə fürsət verir ki, Ayətullah Məkarim Şirazinin ideya və düşüncələrindən bəhrələnərək, o həzrətin həyat yolunda, xüsusilə ömrünün üçüncü hissəsində, yəni onun İslamın xəlifəliyinin vəli-əhdi olaraq, İran torpağında olduğu müddətdə üslubunda yer alan vacib faktorları siz möhtərəm istifadəçilərə çatdıraq: Müqəddimə Sözsüz ki, İmam Əli ibn Musa Rzanın (ə) həyatının fərqli aspektləri vardır. Bu mühüm aspektlərdən biri də, İmamın (ə), ayrı-ayrı din və təriqətlərin İslamın prinsip və qanunlarına kəskin hücumlarından dövrünün tələblərinə uyğun onun etiqad pramidasını mühafizə edən mədəni və elmi aspektidir. İmamın (ə) ilahi vilayətindən qaynaqlanan bu elmi aspektini yaşadığımız şəraitdə araşdırmaq müxtəlif din və məktəblərlə üzləşmədə olduqca yaradıcı, həlledici, incə və dəqiq məsləhətləri ehtiva edəndir (1). Abbasilərin hökumətinin formalaşması İlk növbədə qeyd etmək lazımdır ki, iranlıların, xüsusilə Əbu Müslimin sərkərdəliyi ilə xorasanlıların qiyamından sonra bu xəbis ağacın – “Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir.” (2) – nümunəsi olan Əməvilər kökündən çıxarılaraq tarixin zibilliyinə atıldı (3). Növbə Bəni-Abbasa – Abbasilərə çatdı… Onlar Bəni-Üməyyəyə qarşı İslam və xalq inqilablarının qəti və sabit şüarı olan “Ali-Məhəmmədin (ə) Rzası” şüarı ilə hökumət başına gəldi (4), (5). Ancaq, Abbasilər az bir müddətdə niqablarını çıxartdılar və yerlərini rahatlayıb möhkəmlətdikdən sonra hökumətlərində eynilə Bəni-Üməyyənin istibdadi və boğcucu siyasətini davam etdirdilər. Hətta, bir çox cinayətlərdə Bəni-Üməyyədən önə keçdilər! (6), (7). Amma tez bir zamanda müsəlman xalq bunun mahiyyətinə vardı və (8) bu riyakar qruplaşmanını əleyhinə, xüsusilə də İranda yeni inqilab toxumları səpildi, İslam və xalq qiyamlarının toxumu elə Xorasan torpağında, Əbu Müslimin doğulduğu diyarda cücərdi (9). Məmun və ”Elmmehvərlik” – “Ssientizm” şüarı ilə Əhli-beytə (ə) qarşı Nəhayət, növbə Məmuna çatdı. O, güclü siyasətçi, zirək və zəkalı, eyni halda qəddar və daşqəlbli biri idi. Bu inqilabların qarşısını almaq üçün dərhal hökumət mərkəzini dəyişdi. Bağdaddan Xorasana köçdü ki, hədə-qorxu, rüşvət və bəxşişlər verməklə inqilabın mühüm mərkəzini çökdürüb yaxından vəziyyətə nəzarət etsin (10), (11). Digər tərəfdən o vaxt bütün gözlərin İmam Əli ibn Musa Rzaya (ə) dikildiyini və bu böyük inqilaba rəhbərlik edəcək yeganə şəxsin o olduğunu bilirdi. Odur ki, xalq işlərin müqəddiməsini tədarük görməmiş, İmamın (ə) ətrafına toplaşmamış, həzrəti Xorasana gəlməyə məcbur etdi. Zahirdə vəliəhd kimi ehtiram göstərsə də, daxildə onu ciddi nəzarətə götürdü (12), (13). Məlumdur ki, İslamın elmsevərlik təbiəti (14), başqalarının; Yunanıstandan tutmuş Misirədək, Hindistandan tutmuş İran və Rumadək elmi kitablarının İslam (ərəb) dilinə tərcüməsi, İslam cəmiyyətində elmi inkişafın sürətlənməsinə zəmin yaratdı (15). Amma nigarançılığa səbəb, tərcüməçilər arasında digər dinlərin zərdüştlər, sabeinlər, nəsturilər, rumlular və brahmanlar kimi təəssübkeş və inadkar nümayəndələri yer almışdı və xarici elmləri yunan, fars, süryani, hind, latın və digər dillərdən ərəbcəyə tərcümə edirdilər. Şübhəsiz, hər birinin bu işdə xoş niyyəti yox idi, onlardan bir dəstəsi fürsətdən öz xeyirlərinə istifadə etmək, yad elmləri İslama gətirmək istəyirdilər. Öz yanlış və xətərli etiqadlarının nəşri üçün bundan gözəl fürsət olmazdı. Məhz bu səbəbdən, xurafi etiqadlar, yanlış düşüncələr, İslamdan kənar fikirlər zahirdə elmi olan kitablar arasında İslam mühitinə sızdı və bir qrup gənclərin, sadə insanların təfəkkürünə nüfuz etdi (16), (17). Lakin bütün bu vəziyyətlə yanaşı, Məmun tərəfindən bəzi elmi münazirələr təşkil edilir, elmi məsələləri cavablandırmaq üçün İmam Rzanı (ə) da həmin məclislərə çağırırdı. Məmun bu elmi müzakirələrdən müxtəlif məqsədlər güdürdü, o cümlədən, elm və bilik tərəfdarı olduğunu qabardıb imtiyaz qazanmaq (18), ictimai problemlər və siyasi gərginliklər qarşısında xalq üçün bir növ əyləncə yaratmaq (19), İslam dünyasının alim və mütəfəkkirlərinin diqqətini özünə cəlb etmək və nəticədə öz hökumətini möhkəmlətmək istəyirdi (20). Odur ki, mövcud atmosferin fikri və mədəni spesifikliyi İmam Əli ibn Musa Rzanın (ə) öhdəsinə ağır yük qoyurdu. O dövrdə yaşayan dəyərli İmam Rza (ə) (21) bu təhlükəli vəziyyətdən tam xəbərdar idi. Buna görə də fədakarlıq göstərərək, dərin fikri inqilab yaratdı və ağır dalğaların, təhlükəli qasırğaların qarşısında İslam cəmiyyətinin orijinallığını qorudu. Nəhayət, bu ləngər vurmaqda olan gəmini təhlükəli azğınlıq bataqlığında qərq olmaqdan saxladı (22), (23). İmaməti sual altına aparmaq məqsədilə elmi müzakirələrin təşkili Bildiyimiz kimi Məmun vəliəhd məqamını İmam Əli ibn Musa Rzaya (ə) təhmil etdikdən sonra öz mövqeyini qoruyub xəlifəliyini sabit saxlamaqdan ötrü İmamı (ə) Mədinədən Tusa çağırdı. İmam Rza (ə) Xorasana gəldikdən etibarən, (24) böyük münazirə məclisləri təşkil edərək, dinindən asılı olmayaraq dövrün ən görkəmli alimləri bu məclislərə dəvət etdi. Sözsüz ki, bu dəvətlər zahirdə İmamın (ə) müxtəlif elmlər, elm məktəbləri, İslam məktəbləri ixtisasları üzrə ali məqamını göstərmək xarakterli olsa da, daxildə başqa və gizlin məqsədlər daşıyırdı (25). Həmin məqsədlərə işarə edə bilərik: a) İmamətin sıradan çıxarılması və təhqir edilməsi Məmunun yeganə hədəfi – əlbəttə, öz gümanına görə – İmam Rzanın (ə) yüksək məqamına xalqın gözü qarşısında, xüsusilə məsum Əhli-beytə (ə) hədsiz bağlılığı olan iranlılar arasında xələl gətirmək və bu məqamı aşağı salmaqdı (26). b) İmamətin təhrifi – sekulyar İslama rəvac O, səkkizinci İmamın (ə) ali məqamını yalnız onun elmi səciyyəsində xülasələşdirmək və tədricən siyasi arenadan kənarlaşdırmaq istəyirdi; bununla İmamın (ə) yalnız alim biri olduğunu, siyasi məsələlərə qarışmadığını göstərməyə çalışırdı. Bu tərtiblə, “din siyasətdən ayrıdır” şüarını həyata keçirmək məqsədi güdürdü (27). c) Hökumətin zəif nöqtələrini gizlətmək Məmun öz siyasi fəaliyyətlərini rahat davam etdirmək, bu münazirə və müzakirələrlə hökumətinin zəif nöqtələrini örtmək istəyirdi (28). İmam Rzanın (ə) elmi münazirələrinin mahiyyətinə dərin baxış İmam Əli ibn Musa Rzanın (ə) münazirələrinin sayı həddən çox olsa da, onlar arasında yeddi münazirənin xüsusi yeri vardır. 1. Casiliqlə (Katolikoslə) münazirə (29), (30). 2. Rəsul-Calutla münazirə (31). 3. Hürbüz Əkbərlə münazirə (32). 4. İmran Sabii ilə münazirə (33). Bu dörd münazirə Məmun və bir qrup Xorasan alimlərinin iştirak etdiyi bir məclisdə baş vermişdi. 1. Süleyman Mərvəzi ilə münazirə 2. Əli ibn Məhəmməd Cəhimlə münazirə 3. Bəsrədəki müxtəlif məzhəb başçıları ilə münazirə Bu münazirələrin hər biri dərin və maraqlı məzmuna malikdir, hətta bu gün o tarixdən təqribən 1200 il keçməsinə rəğmən, həm məzmun, həm də münazirə, bəhsə daxilolma-çıxma baxımından olduqca həlledici, aydınlıq gətirən, öyrədici və mənadoludur (37). Bu yazıda həmin münazirələrdən yalnız seçmə məqamlara işarə edilir: Məsihilərin böyük alimi Casiliqlə münazirə İmam Əli ibn Musa Rza (ə) Məmunun yanına gəldikdən sonra, Məmun xüsusi vəziri Fəzl ibn Səhlə (38) əmr edir ki, Casiliq (katolikos – məsihilərin dahi alimi), Rəsul-Calut (yəhudilərin böyük rəhbəri), sabeinlərin lideri, Hürbüz Əkbər (zərdüştlərin böyük ruhanisi) və Nistas Rumi (xristianların alimi) kimi müxtəlif məktəb və din ardıcıllarını (39), eləcə də kəlam elmi üzrə digər alimləri dəvət etsin və İmam Rza (ə) ilə onlar arasında münazirə gerçəkləşsin (40). İmamla (ə) digər məktəb nümayəndələri məclisə daxil olduqdan sonra İmam Rza (ə) sözə başlayıb buyurdu: Ey məsihi! Etiqad bəslədiyin İncillə sənə dəlil gətirirəm… (41). Casiliq soruşdu: İsa ibn Məryəmin həvarilərindən xəbər ver, onlar neçə nəfər idi və İncil alimləri neçə nəfərdi? İmam buyurdu: Bilən birindən soruşdun. Sonra buyurdu: Həvarilər on iki nəfər idi, ən elmlisi və üstünü də Lukas idi. Nəsaranın böyük alimləri üç nəfər idi: Bax torpağından böyük İohann, Qirqisadan olan kiçik İohann və Ricazdakı İohann Deyləmi, hansı ki, Peyğəmbərin (s), Əhli-beytinin (ə) və ümmətinin adı onun yanında idi, İsa ümmətinə və Bəni-İsrailə bunları müjdə vermişdi (42). Münazirə sırasında İmam (ə) Rəsul-Calut (yəhudilərin böyük rəhbəri), sabeinlərin lideri, Hürbüz Əkbər (zərdüştlərin böyük ruhanisi) və Nistas Rumidən (xristianların alimi) də cavabları üçün təsdiqlər alırdı. Belə ki, sonda Casiliq etiraf etdi: İncildən nəql etdiklərinə etiraf edirik (44). Sonra İmam Rza (ə) İncil, ilkin İncilin məhv olması, sonra Markos, Lukas, İohann və Matvey (hal-hazırda xristianların əlində mövcud İncillər) tərəfindən İncilin yazılması haqqında suallar verdi və Casiliqdən ziddiyyətli cavablar aldı (45). Davamında İmam Rza (ə) Rəsul-Calut, sabeinlərin lideri, Hürbüz Əkbər və Nistas Rumi, xüsusən də İmran Sabii (materialist) ilə müxtəlif elmi müzakirələr apardı, qeyd edilən şübhələrə onların öz qaynaqlarından cavab verdi. İmam Rzanın (ə) (materialist) İmran Sabii ilə münazirəsi Əhəmiyyətindən dolayı İmam Rza (ə) ilə İmran Sabiinin münazirəsinə də işarə etmək lazımdır. Çünki, münazirədə Allahşünaslıq, Allahın zat və sifətlərinə dair bəhslərlə bağlı bir sıra şübhələr qeyd edilir və İmam Rza (ə) heç birini cavabsız qoymur (46). Həmçinin, İmam (ə) bu münazirədə, əslində bir həqiqət, üç ünvan olan “yaratmaq”, “məşiyyət” və “iradə” məhfumlarına aydınlıq gətirdi və ilk yaradılışdan danışdı. Maraqlı burasındadır ki, İmam (ə) ilk ilahi yaradılışı “əlifba hərfləri” ilə əlaqələndirilmiş, bütün sözlərin onlardan təşkil olunduğunu, təklikdə heç bir məna daşımadıqlarını qeyd etmişdi (47). İmran mütəmadi olaraq, İmamdan (ə) artıq izahlar istəyirdi. Elmin feyz çeşməsi olan İmam Rza (ə) cavabları ilə onu qane edirdi. Nəhayət, İmam (ə) buyurdu: Dediklərimi yaxşı dərk etdinmi ey İmran? Məclisdəkilər təəccübdə qaldığı halda, İmran dedi: Bəli, yaxşı başa düşdüm və şəhadət verirəm ki, Allah siz vəsf etdiyiniz və təkliyini isbat etdiyiniz kimidir. Həmçinin, şəhadət verirəm ki, Məhəmməd (s) hidayətdən və haqq dindən ötrü elçi olaraq göndərilən bəndəsidir. Sonra üzü qibləyə doğru səcdə edib müsəlman oldu. Məhz burada təəccübdən ağızlar açıq qalməşdı (48). Bəsrədəki ayrı-aryı məktəblərin nümayəndələri ilə münazirə Qütb Ravəndinin “əl-Xəraic” kitabındakı geniş hədisinə istinadən, Bəsrədə fitnə odu alışdığı, müxtəlif təriqət və məktəblərin oranı fəaliyyət mərkəzi qərar verməsindən sonra İmam Əli ibn Musa Rza (ə) fitnə alovunu söndürmək üçün kiçik bir fürsətdə Bəsrəyə gəldi, müxtəlif dəstə və qruplaşmalarla qarşılıqlı söhbətlər apardı və onların hamısını; məsihi alimlərdən tutmuş yəhudi və digərlərinədək – bir məclisdə iştiraka dəvət etdi. Sonra İncilin müxtəlif fəsillərini və İslam peyğəmbərinə (s) dair müjdələrin orada, eləcə də Tövrat və Zəburun müxtəlif “sifir”lərində – kitablarında gəldiyini bir-bir bəyan etdi. Ardınca üzünü ora toplaşan müsəlman cəmiyyətinə tutub çıxışı sırasında bunları buyurdu: Ey camaat! Öz müxaliflərinə onların öz din və şəriət kitablarından dəlil və sübut gətirən kəs, hamıdan insaflı deyilmi? Dedilər: Əlbəttə! Buyurdu: Bilin ki, həzrət Məhəmməddən (s) sonra imam olacaq yeganə kəs, onun plan və proqramlarını gücləndirəndir, imamət məqamına layiq tək şəxs bütün ümmət və dinlərin nümayəndələri ilə onların öz kitabları əsasında müzakirə aparandır; məsihilərlə İncillə, yəhudilərlə Tövratla, müsəlmanları Quranla qane edən, bütün lüğətləri bilən, hər millətlə öz dilində danışan və bütün bunlarla yanaşı təqvalı və hər eyb və nöqsandan uzaq olandır. Həmçinin, ədaləti rəhbər tutmalı, insaflı, hikmət sahibi, mehriban, sevgi dolu, düz danışan, canıyanan, yaxşı işlər görən, əmanətcil, işində düz və tədbirli olmalıdır (50). Bu minvalla, İmam (ə) bəsrəlilərə dəlili tamamlayıb onlara bəhanə yeri qoymadı və İslamın müdafiəsi mövzusunda öz vəzifəsini yerini yetirdi (51). Son söz İmam Rzanın (ə) elmi həyat yolu – dərslər və mesajlar 1. Bir sözlə, qeyd etmək lazımdır ki, İmam Rzanın (ə) digər dinlərlə münazirələri tövhid və peyğəmbərlik mehvərində mərkəzləşmişdi. Həzrət İsanın (ə) ilahiliyinə etiqadın batil edilməsi və “farqlita” təbiri ilə İslam peyğəmbərinə (s) şəhadət vermə, xüsusilə də, İmam Rzanın (ə) yəhudilərin rəhbəri Rəsul-Calutla münazirəsi, atəşpərəstlərin rəhbəri ilə münazirəsində ədalət və insaf, Allahın yeganəliyi, (kəlam alimi) Süleyman Mərvəzi ilə münazirədə Allahın iradə və elmi, imamın görüb-eşidən olması, Allahın iradə və feili, tövhidin və Allahın işlərində “bəda” kimi sünnələrin isbatı o həzrətin elmi həyat yolunda gözə dəyən mühüm məqamlardandır (52). 2. İmam Əli ibn Musa Rzanın (ə) münazirələri tarixi və keçmişə dair bir məsələ deyil, əksinə İslamın və məktəb xəttinin müdafiəsi nöqteyi-nəzərindən bu gün və hər zaman üçün olduqca hərtərəfli, əhəmiyyətli bir nümunədir (53). 3. Xatırlatmaq lazımdır ki, o dövrdə kütləvi informasiya vasitələri indiki kimi geniş deyildi, amma İmam Rza (ə) Məmunun sarayındakı münazirə toplantılarından o günün kütləvi informasiya vasitəsi kimi yetərli bəhrəni götürdü. Ona görə ki, bu toplantıların xəbərləri oraya hakim spesifik şəraitə əsasən, başdan-başa İslam ölkələrinə yayılırdı. İmam (ə) bu yolla, Məmunun təxribatlarını neytrallaşdırmaqla qalmadı, həm də onu nakam qoydu. Dahası, qeyd edilən dəlillərə əsasən intellekt və mədəniyyət baxımından olduqca həssas atmosferdə yaşayan o dövrün İslam cəmiyyətini azğınlıqdan qurtardı (54). 4. O həzrətin müxtəlif məktəb ardıcılları ilə davranışı da bir neçə cəhətdən bizə örnək və ilhamvericidir. O cümlədən, İslamın digər dinlərin nümayəndələri ilə münasibəti hər şeydən öncə məntiq əsasında olmalıdır. Müsəlmanlara silah doğrultmadıqları müddətcə, silaha əl atmamalı, məntiq və dəlilə göz yümmamalıdırlar (55). 5. İslam məntiqi digər məktəblərin məntiqindən əsla vahimələnməyəcək qədər güclüdür. Buna əsasən, İslam tarixində hər kəsə öz əqidəsini bəyan etmək və cavabını almaq icazəsi verilmişdir. Hətta, Allaha və peyğəmbərlərə imanı olmayanlara münazirə sərbəstliyi verilirdi (56). 6. İslam alimləri hər zaman və hər məktəb və dindən xəbərdar olmalı, qarşı tərəfin məntiqi əsasında onlarla danışmalı İslamın digər məktəblərə üstünlüyünü isbat etməlidirlər (57). 7. İslam alimləri arasında dünyanın mövcud dillərini bilən kəslər olmalı və lazım gəldikdə, tərcüməçilərin – hansı ki, bəzən bilməməzlikdən, bəzən də şəxsi mənfəət üzündən məsələləri təhrif edirlər – rolu olmadan başqa dildə danışmağı bacarmalıdır (58). 8. İslam alimləri dünyada mövcud KİV-dən maksimum yararlanmalı, İslamın səsini və Quran təlimlərini aləmə çatdırmalıdırlar (59). Sonda xatırlatmalıyıq ki, İmam Rzanın (ə) elmi təlimləri və maarifi ilə maraqlananlar o həzrətin elmi həyat yoludan daha çox bəhrə götürmək üçün, Məkarim Şirazi cənablarının dəyərli “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri” adlı əsərinə müraciət edə bilərlər. Araşdırma, hazırlanma və tərtibat; Ayətullah əl-üzma Məkarim Şirazinin rəsmi ofisinin xəbərlərin hazırlanması nümayəndəliyi 1-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 7 2-    “İbrahim” surəsi, 26-cı ayə 3-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 14 4-    “İslam sivilizasiyası tarixi”, c. 1, səh. 125 5-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 15 6-    Abbasilərin etdiyi zülmü, heç vaxt Bəni-Üməyyə etməmişdi. Şairlərdən biri belə deyir: “Allaha and olsun ki, Bəni-Üməyyə, Abbasilərin Ələvilərə etdiyi zülmün onda birini rəva görməmişdilər.” (Əbu Firasın “Mimiyyə”sinin şərhi, səh. 119) “تاللهِ ما فعلت أمى فيهمُ‏ معشارَ ما فعلت بنو العبّاس!” 7-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 15 8-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 17 9-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 18 10-    Tarix belə yazır: “Məmun bir qrup məmurunu (Mədinədə məskunlaşan) Əbitalib ailəsinin yanına göndərdi. Onlar da əmrə əsasən, Əli ibn Musa Rza (ə) ilə birgə Mədinədən Xorasana (Məmunun yanına) yola düşdülər. Məmun göstəriş vermişdi ki, karvanı Bəsrə yolu ilə gətirsinlər. Onları Mədinədən Xorasana gətirməklə vəzifələndirilən şəxs Cəludi adlı şəxs idi. O, karvanı Məmunun sarayına gətirdi, Məmun da onları qarşılayıb öz evinə apardı. İmam Rzaya (ə) xüsusi bir ev ayırdı və çox ehtiram göstərdi (“İrşad”, səh. 290) 11-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 18 12-    Məmun, o həzrətə (ə) xəlifəlik məsələsini təklif etdi. İmam Rza (ə) isə bu təklifi kəskin şəkildə rədd etdi. Məmun dedi: Belə isə, vəliəhdliyi sənə həvalə edirəm. İmam Rza (ə) buyurdu: Məni bu işdə də üzrlü bil! “فقال له المأمون كلاما فيه كالتهديد له على الامتناع عليه و قال فى كلامه: ان عمر بن الخطاب جعل الشورى فى ست احدهم جدك امير المؤمنين على بن ابى طالب عليه السلام و شرط فيمن خالف منهم ان يضرب عنقه و لابد من قبولك ما اريده منك، فانى لا اجد محيصاً عنه” “Məmun hədələyici sözlər dilə gətirdi və söhbəti əsnasında dedi: Ömər ibn Xəttab altı nəfərlik şura təyin etdi. Onlardan biri cəddin Əmirəl-möminin Əli ibn Əbitalib (ə) idi. Ömər bu altı nəfərdən boyun qaçıranın boynunu vuracağını şərt qoydu. Sən də çarəsiz mənim istəyimi qəbul etməlisən. Mənim başqa yolum yoxdur.” (“İrşad”, səh. 290) 13-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 19 14-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 20 15-    Yenə orada 16-    Misirli kor alim doktor Taha Hüseyn müsəlmanların əcnəbi mədəniyyətlərlə, xüsusilə yunan mədəniyyəti ilə tanış olmasının xoşagəlməz nəticələri barəsində yazır: Sonra, çox keçmədi ki, yad mədəniyyətlərlə, xüsusilə də, yunan mədəniyyəti, dahası yunan fəlsəfəsi ilə tanış oldular. Bütün bunlar müsəlmanlar üzərində təsir qoydu və onları özlərinə dini müdafiə vasitələri seçdilər. Sonra bir addım önə gedib bəşərin qüsurlu ağlını hər şeyə hakim bildilər. Güman etdilər ki, bilik qaynağı yalnız ağıldır və tədricən özlərini vəhy qaynağına möhtac bilmədilər. Ağıla hədsiz iman onları aldatdı, hədlərini aşdıqlarına və haqdan kənar düşdüklərinə görə çətinliyə düşdülər. İxtilaf qapılarını onların üzünə açan da, bu səhv idi. Hər bir cəmiyyət saxta dəlillərə üz tutdu, nəticədə təriqətlərinin sayı yetmişi ötdü. (“İslam dini”, səh. 266) 17-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 27 18-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 23 19-    Yenə orada 20-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 24 21-    Yenə orada, səh. 27 22-    Xüsusilə, yunan və süryani dilindən bir çox fəlsəfi, elmi kitablar ərəb dilinə tərcümə olunduğu üçün camaat əqli və məntiqi elmlərə üz tutmuşdu. Bundan əlavə, Abbasi xəlifəsi Məmun (195-218 h.q.) bəzilərini etiqadına görə mötəzilə məzhəbindən idi və dinlər daxili əqli dəlillərə əlaqə göstərirdi. Nəticə etibarı ilə, o dönəmdə əqli müzakirələr geniş rəvac tapmışdı. 23-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 28 24-    Yenə orada, səh. 29 25-    Yenə orada, səh. 30 26-    Yenə orada, səh. 30 27-    Yenə orada, səh. 34 28-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 34 29-    Casiliq (hər hansı bir şəxsin adı deyil) yunan sözüdür və yepiskopların lideri, məsihilərin öndəri mənasındadır. Həmçinin xristian alimlərinə verilən böyük ləqəbdir. (“əl-Müncid” lüğət kitabı). Bəlkə də, katolik sözünün ərəbcə formasıdır. 30-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 36 31-    Rəsul-Calut yəhudi xalqının rəhbərinin, aliminin ləqəbidir (bu da şəxs adı deyil). 32-    Hürbüz Əkbər və ya Hirbed Əkbər zərdüştlərin liderinin ləqəbidir. Mənası isə, dinin böyük öndəri, zərdüşt qazı və atəşgah xadimidir. 33-    Adından göründüyü kimi İmran Sabii, sabeinləri müdafiə edirdi (sabeinlər özlərini Yəhya (ə) peyğəmbərin ardıcılı sanırlar, amma iki qrupa; təkallahlı və müşrikə bölünürlər. Dəstənin biri ulduzpərəstliyə üz tutduğu üçün bəzən onları “ulduzpərəstlər” adlandırırlar. Daha öncə mərkəzləri İraqın Hərran şəhəri olsa da, sonradan İraqın digər şəhərlərinə və Xuzistana üz tutdular. Onlar öz etiqadlarına əsasən, daha çox böyük çay kənarlarında məskunlaşırlar. Hal-hazırda onlardan bir qrupu Əhvazda və digər bölgələrdə yaşayır. 34-    Süleyman Məruzi Məmunun dövründə Xorasanda kəlam elminin ən məşhur alimi idi. Məmun ona çox ehtiram göstərirdi. 35-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 37 36-     Əli ibn Məhəmməd ibn Cəhim nasibi, yəni Əhli-beyt (ə) düşmənlərindən idi. Şeyx Səduq, Əli ibn Məhəmməd ibn Cəhimdən bir hədis nəql edir. Bu hədisdən onun İmam Rzaya (ə) məhəbbət bəslədiyi anlaşılır. Lakin Şeyx Səduq həmin hədisin altında qeyd edir:  “Əli ibn Məhəmməd ibn Cəhim nasibi, yəni Əhli-beyt (ə) düşmənlərindən idi.” “هذا الحديث غريب من طرق على بن محمّد بن الجهم مع نصبه و بغضه و عداوته لاهل البيت عليهم السلام” (“Uyunu əxbarir-Riza”, c. 1, səh. 195-204). “Camiur-ruva”nın müəllifi də həmin mətləbi onun tərcümeyi-halında qeyd etmişdir. “Camiur-ruva”, c. 1, səh. 596-597) 37-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 38 38-    Fəzl ibn Səhl (154-202 h.q). Məmunun məşhur vəziridir. Elə uşaq yaşlarından xilafət sarayına yol tapmışdı. Hicri tarixlə 190-cı ildə Məmunun əli ilə məcusluğu (zərdüştlüyü) buraxıb müsəlman oldu. O, “zur-riyasəteyn” (iki vəzifə sahibi) ləqəbi ilə məşhurlaşdı. Siyasət və savaş adamı olan Fəzl, nəhayət 202-ci ildə Sərəxs hamamında qətlə yetirildi (“Vəfəyatul-əyan”, c. 1, səh. 413). Bəzi tarixçilərin etiqadına görə, Əli ibn Musa Rzanı (ə) vəliəhd seçməyə o, Məmunu vadar edib. Bu mənada ki, İmam Rzanın (ə) vəliəhdliyi Məmunun boynuna iranlıların Fəzl ibn Səhl vasitəsilə siyasi-ictimai təzyiqlər nəticəsində qoyulmuşdu (“Beyhəqi” tarixi, səh. 141). Lakin mövcud göstəricilər belə olmadığını deyir. 39-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 38 40-    Yenə orada, səh. 39 41-    Müraciət edin: “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 44 42-    Yenə orada, səh. 47 43-    Yenə orada, səh. 39 44-    Yenə orada, səh. 50 45-    Yenə orada, səh. 51 46-    Yenə orada, səh. 63 47-    Bu ifadə bəlkə də, Allah başlanğıcda, varlıq aləminin əlifbası hökmünü daşıyan aləmin ilkin maddəsini yaratmasına işarədir. Bu maddələr ayrı-ayrılıqda müəyyən nəzm və sistemin göstəricisi deyirlər. Lakin onların bir-birilə tərkibindən müxtəlif mövcudlar yaranırlar. Necə ki, hərflərin tərkibindən müxtəlif sözlər yaranır. 48-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 64 49-    Yenə orada, səh. 93 50-    “əl-Xəraicu vəl-Cəraih”, səh. 204-206 (ixtisarla) 51-    Yenə orada, səh. 94 52-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 36-97 53-    “İmam Rzanın (ə) digər din və məktəb nümayəndələri ilə tarixi münazirələri”, səh. 64 54-    Yenə orada, səh. 95 55-    Yenə orada, səh. 96 56-    Yenə orada, səh. 96 57-    Yenə orada, səh. 97 58-    Yenə orada, səh. 97 59-    Yenə orada, səh. 97

İmam Rza (ə) 26.01.2025

İmam Rzanın (ə) ziyarətinin fəzilətləri

Bütün Məsumların (ə) hərəminə aid olduğu kimi, İmam Rzanın (ə) hərəminin də zirayətinin çox sayda faydası və fəzilətləri vardır. İmamın (ə) hərəmi başdan-başa mənəviyyat ab-havası ilə doludur. Ona tərəf cəzb olan ruhlar o qədər bu mənəviyyatdan təsirlənirlər ki, qəm və qüssəni unudur və İmama (ə) xüsusi diqqət edərlər. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim bədənimin bir parçası Xorasanda dəfn olunacaqdır. Hər bir qəmgin insan onu ziyarət etsə, Allah Təala qəmini aradan aparar. Onun ziyarətinə tələsən hər bir günahkarın Allah günahını bağışlayar”. İmam Cavad (ə) buyurur: “Hər kim Tusda atamın qəbrini ziyarət edərsə, Allah keçmiş və gələcək günahlarını bağışlayar”. İmam Rza (ə) buyurur: “Tezliklə zülm üzündən zəhərlə öldürüləcəyəm. Hər kim məni ziyarət etsə o halda ki, haqqımı tanıyar, Allah keçmiş və gələcək günahlarını bağışlayar”.(Həvzəh/Deyerler) Həzrət (ə) başqa yerdə buyurur: “Hər kim məqbərəmi ziyarət edərsə, Qiyamət günü üç halda onu taparam. Qiyamətin dəhşətindən xilas edərəm. O zaman ki, insanların əməl dəftəri sağ və sol tərəflərindən verilər. Siratdan keçən zaman və tərəzi qarşısında”. İmam Rzadan (ə) nəql olunur ki, buyurub: “Hər kim dostlarımdan məni ziyarət edər o halda ki, haqqımı tanıyar, Qiyamət günü ona şəfaət edərəm”. Həsən ibni Fəzal İmamdan (ə) nəql edir ki, buyurub: “Agah olun ki, hər kim məni qürbətimdə ziyarət edər, mən və atalarım Qiyamət günü onun şəfaətçisi olarıq. O kəsin ki, şəfaətçisi biz olarıq, əgər cin və ins qədər günahı olsa belə, günahları bağışlanmış olar”. Hərəvi nəql edir ki, İmam Rza (ə) Harunun məqbərəsinə daxil olan zaman barmağı ilə onun kənarından xətt çəkir və buyurur: “Bu, məni türbətimdir. Orada dəfn olunacağam. Allah Təala bu yeri Əhli-beyt (ə) davamçılarının gəlib-getdiyi məkan qərar verəcəkdir. Allaha and olsun ki, onlardan hər kim məni ziyarət edər, ya mənə salam verərsə, bizim şəfaətimizə görə Allah tərəfindən bağışlanmağa və mehribançılğa şamil olar”. İmam Rza (ə) buyurur: “Mən məzlumcasına zəhərlə öldürüləcəyəm. Harun ər-Rəşidin qəbrinin yanında dəfn olunacağam. Qiyamət günü qəbrimin zəvvarları Allah Təalaya tərəf kəramətlə daxil olacaqlar. Hər mömin ki, məni ziyarət edər, səmadan üzünə su düşərsə və ziyarət yolunda əziyyət çəkərsə, cəsədi cəhənnəm atəşinə haram olar”. İmam Musa (ə) buyurur: “Hər kim oğlumun qəbrini ziyarət edərsə, behişt onundur”. İmam Cavad (ə) buyurur: “Mən o kəsə behişti zəmanət verərəm ki, atamın Tusdakı qəbrini ziyarət edər və onun haqqını tanıyar”. İmam Rza (ə) buyurur: “Hər kim məni qürbətdə ziyarət edər, Allah onu bizimlə məhşur edər. Ali dərəcələrdə bizim rəfiqimiz olar”. Allah Təala bizləri qərib İmamın (ə) zəvvarlarından qərar versin. www.ahliman.info

İmam Rza (ə) 26.01.2025

İmam Rza (ə) vəliəhdliyi niyə qəbul etdi?

Yeddinci Abbasi xəlifəsi Məmun (813-833) hakimiyyətinin lap əvvəllərində güclü qiyamlarla qarşılaşdı. Kufədə Əbus-Səraya və İbn Təbatəba, Mədinədə Məhəmməd Dibac, Cəzirədə Nəsr ibn Şibs tərəfindən qaldırılmış qiyamların miqyası xəlifəni dəhşətə gətirirdi. Xüsusilə, xalq arasında böyük hörmətə malik olan Bəni-Haşim seyyidlərinin qatıldığı Əbus-Səraya qiyamı xilafət üçün çox təhlükəli idi. Belə bir şəraitdə səkkizinci imam Rzanın (ə) nüfuzundan yararlanmaq Məmuna öz işlərini yoluna qoymaq və Əhli-beyt tərəfdarlarını sakitləşdirmək üçün fürsət verəcəkdi. Hicri 200-cü ildə (miladi 815-816) Məmun İmam Rzanı (ə) Mədinədən öz yanına – Xorasana gətizdirməyi əmr etdi. İmam Xorasan vilayətinin mərkəzi olan Mərv şəhərinə gətiriləndən sonra Məmun öz məqsədini ona açıb söylədi. Sən demə, Məmun xilafəti o həzrətə təhvil vermək və özü hakimiyyətdən uzaqlaşmaq niyyətində imiş. İmam xəlifənin qeyri-səmimi olduğunu və məkrli plan arxasında gizləndiyini duydu, buna görə də xəlifəliyi qəbul etməkdən qəti surətdə boyun qaçırdı. Axırda Məmun heç olmazsa, vəliəhdliyi qəbul etməsini o həzrətin qarşısına tələb kimi qoydu. Məmun İmam Rzanı (ə) istər xəlifə, istərsə vəliəhd kimi hakimiyyət başına gətirməkdə bir neçə məqsəd güdürdü. Əvvəla, İmam Rzanı (ə) yüksək dövlət məqamına əyləşdirməklə, xilafət ərazisində baş qaldırmış Əhli-beyt təmayüllü üsyanları zərərsizləşdirmək mümkün olacaqdı. Məmun bu addımı atmaqla üsyançıları sakitləşdirmək və guya Əhli-beytin haqqının qəsb olunmadığı mənzərəsini yaratmaq istəyirdi. İkincisi, Məmun düşünürdü ki, İmam Rza (ə) siyasi hakimiyyətə gətirildikdən sonra istər-istəməz ölkədə baş verən ədalətsizliklərə cavabdehlik daşıyacaq, hakim rejimin nəinki sıravi nümayəndəsi, hətta başçısı olaraq ümumxalq nifrətini qazanacaqdı. O həzrətə hakimiyyət hərisi, dünya malına aldanmış bir şəxs kimi baxacaqdılar. Üçüncüsü, İmam Rza (ə) Mərvə gətirilərək, yüksək dövlət məqamına təyin edilməklə daim Məmunun nəzarəti altında qalacaq, hər növ sərbəst fəaliyyət imkanından məhrum olacaqdı. Öz məramına nail olmaq üçün Məmun heç nədən çəkinmirdi. Xoşluqla İmamı vəliəhdliyə razı sala bilməyən xəlifə o həzrəti ölümlə təhdid etdi. İmam Rza (ə) məcburiyyət qarşısında qalıb, son dərəcə ikrahla və müəyyən şərtlər daxilində vəliəhdliyi qəbul etməyə razılıq verdi. İmamın şərtləri bundan ibarət idi ki, vəliəhd olduqdan sonra heç bir mühüm qərarın qəbul edilməsində iştirak etməyəcək, dövlət vəzifələrinə təyin olunma və vəzifədən azad edilmə fərmanlarına imza atmayacaq, xilafət ərazisində aparılan heç bir islahata qarışmayacaq. Məmun bu şərtlərlə razılaşmalı oldu. Hicri 201-ci ilin ramazan ayında (miladi 817, mart) Mərv şəhərində İmam Rzaya (ə) beyət mərasimi keçirildi. Məmunun əmri ilə bütün saray əyanları, xilafətin adlı-sanlı şəxsləri, alimlər və qoşun başçıları o həzrəti vəliəhd kimi tanıdıqlarını elan etdilər. İmama beyət edən ilk şəxs Məmunun oğlu Abbas oldu. Xəlifə xilafətin bütün şəhərlərində yeni vəliəhdin adına beyət alınmasına və sikkələrin üzərində o həzrətin adının yazılmasına fərman verdi. İmamla bağlılığını daha da möhkəmlətmək üçün Məmun öz qızı Ümmi-Həbibəni o həzrətə ərə verdi. Bu qohumluq əlaqəsini yaratmaqda xəlifənin məqsədi bu idi ki, qızı ilə İmam Rzanın (ə) övladı doğulsun və Məmun özündən sonra hakimiyyəti ona buraxsın. Bu uşaq bir tərəfdən Abbasilərə, digər tərəfdən imamət sülaləsinə mənsub olacağı üçün hər iki tərəf onun hakimiyyəti ilə razılaşacaqdı. Lakin Məmunun arzuları ürəyində qaldı. İmam Rza (ə) ilə Ümmi-Həbibənin izdivacından heç bir övlad dünyaya gəlmədi. Məmunun bütün israrlarına rəğmən İmam Rza (ə) əvvəldə bağladığı şərtə sadiq qalaraq hökumət işlərinə qarışmır və bütün hərəkətləri ilə zalım hakimiyyətdə yalnız tamaşaçı qismində təmsil olunduğunu nümayiş etdirirdi. Məmunun gözlədiyinin əksinə olaraq İmam Rzanın (ə) nüfuzu nəinki azalmır, hətta durmadan artırdı. Məmun İmamın hörmət və məhəbbətini ürəklərdən silmək üçün o həzrəti müxtəlif çətin elmi mübahisələrə çağırmağa və alimlərlə üzləşdirməyə başladı. Sarayda tez-tez təşkil olunan məclislərə istər müsəlman alimləri, istərsə də yəhudi, məsihi, atəşpərəst, dəhri (materialist) əqidəli elm adamları dəvət olunur və İmam Rza (ə) ilə onlar arasında sual-cavab aparılırdı. Bu yolla Məmun İmam Rzanın (ə) elmi suallar qarşısında aciz qalacağını və məğlub olub gözdən düşəcəyini güman edirdi. Lakin bu tədbirlər də bir nəticə vermədi. Həzrət Rza (ə) hər dəstənin nümayəndələri ilə onların öz əqidə və metodları əsasında mübahisə edərək səhvlərini açır və haqq əqidənin düzgünlüyünü sübuta yetirirdi. Sarayda qurulan bütün elmi müzakirə məclisləri İmamın mütləq qələbəsi ilə başa çatırdı. Nəhayət, səkkizinci imam Həzrət Rza (ə) hicrətin 203-cü ilində, səfər ayının son günündə (miladi 818, sentyabr) Xorasanın Tus şəhərində Məmunun göndərdiyi zəhərli üzümü yeyərək şəhid oldu və həmin şəhərdə (hal-hazırda Məşhəd şəhəridir) torpağa tapşırıldı. Islam.az

İmam Museyi-Kazim (ə) 26.01.2025

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazim əleyhissəlamın mövludu və dünyaya gəlişi münasibəti ilə başda İmam Zaman, Allahın salamı olsun ona, olmağla əziz həmvətənlərimizi və izləyiclərimizi təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq. Müsəlmanların 7-ci imamı həzrət Musa ibn Cəfər əleyhissəlam çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim əleyhissəlam hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazım əleyhissəlam 55 il ömür sürmüş, onun 35 ilini ümmətə imamlıq etmişdir. İmam əleyhissəlamın həyat dövrü Əməvilərin süqutu, Abbasilərin qüdrət əldə etdiyi vaxtlara təsadüf edir. İmam əleyhissəlam ,4 Abbasi xəlifəsi ilə həmzaman olub və 35 illik imamət dövrünün böyük hissəsini zindanlarda keçirib. Demək olar ki, İmam Kazim əleyhissəlam həmzamanı olduğu 4 Abbasi xəlifəsinin dördünün də zamanında çətin həyat yaşamışdır. Xüsusən də Mənsur Dəvaniqi hakimiyyəti dövrünə təsadüf edən 22 illik imamət dovrü İmam əleyhissəlamın həyatının ən ağır dövrü hesab olunur. O cənəab, digər xəlifələrin zamanında nəzarət altında yaşasa da Harun Ər-Rəşid zamanında bu nəzarət zindan həyatı ilə əvəz oldu. Hicrətin 179-cu ilində İmam əleyhissəlam , Abbasilərin zalim və qəddar xəlifələrindən biri olan Harun ər-Rəşidin göstərişi ilə həbs edilir və məcbur şəkildə Bəsrəyə sürgün edilir. Harun, İmam əleyhissəlamı şəxsən Bəsrə hakimi İsa ibn Cəfərin zindanına saldırır və ona tapşırır. Lakin Bəsrə hakimi Haruna məktub yazaraq İmam əleyhissəlamı başqa yerə göndərilməsi üçün xahiş edir. Harun onun bu istəyini qəbul edərək İmam əleyhissəlamı Bağdada sürgün etdirir. Bütün bu həbs və təzyiqlərə baxmayaraq İmam Kazım əleyhissəlam öz dostları ilə əlaqə saxlayır, möninlərin Allahın kitabı ilə və Peyğəmbər Səlavatullah sünnəsi ilə bağlı bütün sualları cavablandırırdı. Allah dinini hər növ daxili və xarici müdaxilədən, xüsusən də qərb və ateis düşüncələrin hücumundan qoruyurdu. Bütün bu kimi fəaliyyətlər daim zalim və qəsbkar xəlifələri, onların havadarlarını narahat edirdi. Bu səbəbdən onlar daim imam əleyhissəlamı gözdən salmağa, onun etibarını zədələmək üçün müxtəlif hiylələrə əl atırdılar. Bütün hiylələrinə baxmayaraq ilahi elm sahibi olan O böyuk zatın qarşısında daim məğlub olur, çıxış yolunu İmam əleyhissəlamı qətlində görürdülər. Hicrətin 183-cü ilində Sindi bin Şahik adlı bir nəfər Harun Ər-Rəşidin və xilafətinin qazisi olan Yəhya bin Xalid Bərməkinin göstərişi ilə İmam əleyhissəlamı zəhərləyib şəhadətə yetirir. Hazırda İmam əleyhissəlamın mübarək mazarı İraqın Bağdad şəhərinin 10 kilometrliyində Kazimeyn məntəqəsində yerləşir.

İmam Museyi-Kazim (ə) 26.01.2025

Rəcəb ayının 25-i İmam Musa Kazımın (ə) şəhadəti günüdür

Müsəlmanların yeddinci Məsum İmamı olan Həzrət Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı İmam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-Beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi. Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-Beyt (ə) tərəfdarları təqiblərin bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-Beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-Beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-Beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran – böyük Əhli-Beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-Beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər. Fəxx hadisəsi “Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrindən olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”. İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən bu xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə aldırdı. İmam Musa Kazım (ə) zindanda İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində. Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zəkatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb, burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər əl-Kazim (ə) şəhadətə çatdı… Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün milyonlarla müsəlmanların ziyarətgahıdır. İmamın (ə) təbliğ nümunəsi Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi, ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?». Kəniz: “Azaddır”, – dedi. İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub, bu işləri görməzdi». Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı. O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə) yetirib, salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi.   O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona “Büşri-hafi” (ayaqyalın Büşr) deyirdilər. /Deyerler.org/   Allah Təala bizləri İmam Museyi-Kazimin (ə) şəfaətindən binəsib etməsin!

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...