Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Əli (ə) 09.01.2025

İmam Əli(ə)buyurub: (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən

İmam Əli(ə)buyurub: (ibn Mülcəmin qılınc zərbəsindən sonra öz alicənab oğlu Həsənə (ə) tövsiyəsindən): «Bil ki,Muaviyə mənə müxalif olduğu kimi sənin də əleyhinə çıxacaqdır. Beləliklə, əgər onunla sülhə və barışığa gəlsən, Bəni Zömrə və Bəni Əşcə qəbilələri ilə sülh bağlayan cəddin peyğəmbərin (s)yolunu getmiş olarsan. Düşməninlə müharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heç vaxt sənin tərəfdarlarında olmayacaq.»[1] Nəhcül-Suadə,c.2, səh. 742

İmam Əli (ə) 09.01.2025

Allah Rəsulu (s): “Ey Əli, sən Cənnətin Zülqərneynisən.” (İbn Hibban)

Əhli-sünnə alimi İbn Hibban yazır: أخبرنا عبد الله بن أحمد بن موسى بعسكر مكرم عبدان قال : حدثنا هدبة بن خالد قال : حدثنا حماد بن سلمة عن ابن إسحاق عن محمد بن إبراهيم التيمي عن سلمة بن أبي الطفيل عن علي بن أبي طالب أن رسول الله صلى الله عليه و سلم قال له : يا علي إن لك كنزا وإنك ذو قرنيها فلا تتبع النظرة النظرة فإن لك الأولى وليست لك الآخرة Bizə Abdullah ibn Əhməd ibn Musa nəql edib dedi: bizə Hədbə ibn Xalid nəql edib dedi: bizə Həmmad ibn Sələmə Məhəmməd ibn İshaqdan, o, Məhəmməd ibn İbrahim ət-Teymidən, o, Sələmə ibn Əbut-Tüfeyldən, o da Əlidən nəql edib dedi: Peyğəmbər mənə belə dedi: “Ey Əli, sənin Cənnətdə bir xəzinən vardır və sən Cənnətin “Zu-qərneyn”isən. (Naməhrəmə) bir dəfə baxdınsa, ikinci dəfə baxma. Birinci baxış icazəli olsa da, ikincisi belə deyil.”

İmam Əli (ə) 08.01.2025

İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi

Bir gün İmam Əli (ə) məscidə daxil oldu. Bir cavanı görür ki, ağlayır və insanlar da onu əhatə edib, təsəlli verirlər. İmam (ə) ona yaxınlaşır və soruşur: “Niyə ağlayırsan? Cavan deyir: “Ya Əli! Qazi mənim üçün bir hökm vermişdir ki, bilmirəm doğrudur, yoxsa yanlış. Bu camaat atamı özləri ilə səfərə aparmışdı. İndiki qayıdıblar, atam onlarla birlikdə deyildir. Atamı onlardan soruşanda, dedilər ki, ölübdür. Dedim: “Bəs malı nə oldu?”. Dedilər: “Heç bir mal qoyub getməyibdir”. Onları qazinin yanına apardım və onlar and içdilər və getdilər. Halbuki, mən yaxşı bilirəm ki, atam özü ilə səfərə çoxlu mal aparmışdı”. İmam (ə) özü, həmin cavan və o camaat bir yerdə qazinin yanına gəldilər. İmam (ə) buyurdu: “Ey qazi! Bu insanların arasında necə hökm vermisən?”. Qazi dedi: “Bu cavan iddia edir ki, atası bu insanlarla səfərə gedib və geri qayıtmayıbdır. Onlardan soruşdum və dedilər ki, ölübdür. Soruşdum malı nə oldu? Dedilər: “Malı qalmayıbdır”. Cavana dedim ki, şahidin var, o da dedi ki, yoxdur. Ona görə də onları and içdirdim. İmam (ə) buyurdu: “Heyhat! Belə bir hadisədə belə hökm verirsən? Bu məsələdə elə hökm verərəm ki, məndən əvvəl heç kəs verməmişdir, məgər Davud peyğəmbərdən (ə) başqa”. Nökərinə əmr etdi ki, pəhləvanları çağırsın. Hər birini bir dəstəyə vəkil etdi və sonra buyurdu: “Nə deyirsiniz? Güman edirsiniz ki, mən bu cavanın atası ilə nə etdiyinizi bilmirəm? Əgər bunu bilməsəm, nadan olaram”. Buyurdu: “Bunları bir-birlərindən ayırın və hər birini məscidin bir sütunun arxasında saxlayın. Başlarını paltarları ilə bağlayın ki, bir-birini görə bilməsinlər”. Sonra öz katibini çağırdı və buyurdu: “Kağız və mürəkkəb hazır et!”. İnsanlar Həzrətin (ə) ətrafında toplaşdılar. Həzrət (ə) buyurdu: “Nə zaman mən “Allahu Əkbər” desəm, siz hamınız “Allahu Əkbər” deyin”. İmam (ə) onlardan birini tək çağırdı və yanında əyləşdirdi. Üzünü açdı və katibinə deyilənləri yazmasını əmr etdi. İmam (ə) buyurdu: “Nə zaman bu cavanın atası ilə evindən çıxmısan?”. Dedi: “Filan gündə”. Buyurdu: “Hansı ay idi?”. Dedi: “Filan ayda”. Buyurdu: “Hara çatan zaman o, öldü?”. Dedi: “Filan yerə”. Buyurdu: “Kimin evinin qapısında öldü?”. Dedi: “Filan şəxsin”. Buyurdu: “Nə xəstəliyi var idi?”. Dedi: “Filan xəstəlik”. Buyurdu: “Neçə gün xəstə oldu?”. Xəstə olduğu günlərin sayını dedi. Buyurdu: “Hansı gündə öldü? Kim ona qüsl verdi? Kim onu dəfn etdi? Kəfəni hansı parçadan idi? Kim ona namaz qıldı? Kim onu qəbrə qoydu?”. O, bütün bu sualların cavabını verdi. İmam (ə) bütün bu sualları verəndən sonra buyurdu: “Allahu Əkbər”. İnsanların hamısı təkbir deməyə başladı. Dostları yəqin etdilər ki, artıq həmin kişini öldürdüklərini etiraf etmişdir. Həzrət (ə) əmr verdi və üzünü bağlayıb yerinə apardılar. Başqa birini çağırdı və yanında əyləşdirdi, üzünü açdı və buyurdu: “Güman edirsiniz ki, mən sizin nə etdiyinizi bilmirəm?”. O, dedi: “Ey Əmirəl-möminin! Mən onlardan biri idim. Ancaq onu öldürməyə razı deyildim”. Sonra hər biri gəlib cavanın atasını öldürdüklərini və malını götürdüklərini etiraf etdilər. İmam (ə) həmin malları alıb, cavana qaytardı. Atasının öldürülməsinə görə də hökm çıxartdı. /Deyerler.org/

İmam Əli (ə) 08.01.2025

İmam Əli əleyhissalam və insanlarla birgə yaşayış əxlaqı

İnsan ictimai varlıqdır, yəni insanın tək yaşaması mümkün deyil. Hər birimiz istər istəməz insanlarla ünsiyyətdə olmalıyıq. Belə ki, bəziləri ilə yolda-küçədə qarşılaşırıq, bəziləri ilə iş yerində, mağazada, məhəllədə, parkda və ilaxır. Həmiçinin bəzi insanlara biz baş çəkməyə (və ya qonaq) gedirik yaxud onlar bizə qonaq gəlir. Bəs, görəsən gün ərzində rastlaşdığımız insanlar ilə necə davranmalıyıq?! Bu məqalədə məqsədimiz möminlərin əmiri imam Əli əleyhissalamın insanlarla necə davrandığını araşdırmaqdır, təki hamımız insanlarla düzgün rəftar tərzini öyrənək, sonra isə icra edək. . 1- İmam Əli əleyhissalamın dini azlıqların nümayəndələri ilə rəftarı . Biz müsəlman ölkəsində yaşayırıq, bununla belə Azərbaycan vətəndaşlarının az bir hissəsi qeyri-müsəlmandır. Müsəlmanlarla İslam haqqları əsasında, müsəlman olmayanlarla isə insanlıq haqqları əsasında rəftar etməliyik. İmam Əli əleyhissalam səhabəsi Mailk Əştəri Misirə vali göndərərkən ona yazdığı məktubunda buyurur: وأشعر قلبك الرحمة للرعية والمحبة لهم واللطف بهم . ولا تكونن عليهم سبعا ضاريا تغتنم أكلهم ، فإنهم صنفان إما أخ لك في الدين وإما نظير لك في الخلق “Əhali ilə qəlbən mehriban, xoş rəftarlı və yaxşı ol. Heç vaxt onlara (vətəndaşlara) qarşı, yeməklərini qənimət bilən yırtıcı heyvan (kimi) olma. Çünki onlar iki dəstədirlər: Ya sənin din qardaşındırlar, ya da yaradılışda sənin kimidirlər.” -İmam Əli əleyhissalam günlərin birində piyada səfərə çıxarkən həmin yol ilə addımlayan bir xristian ilə həmsəfər oldu. Xristian kişi İmamdan (ə) hara getdiyini soruşduqda İmam (ə) “Kufəyə gedirəm” deyə cavab verdi. Bir azdan yol ayrıcına çatdılar. Kufə yolu xristian kişinin getdiyi yoldan fərqli istiqamət idi. İmam Əli (ə) o kişi ilə onun getdiyi məntəqəyə sarı addımlayırdı. Xristian kişi dedi: -Məgər siz Kufəyə getmirsinizmi? İmam Əli (ə) buyurdu: -Bəli, mən Kufəyə gedirəm. Lakin sizinlə bir miqdar yol getmək yoldaşlıq haqqıdır, bu haqqı və insanlığı bizlərə həzrət Muhəmməd (s) tapşırmışdır. Xristian kişi dedi: -Doğrudanmı bunu Muhəmməd (s) deyib? İmam Əli (ə) buyurdu: -Bəli. İmam Əlinin (ə) bu gözəl əxlaqından təsirlənən xristian kişi kəlmeyi-şəhadətini deyərək müsəlman oldu. . 2- İmam Əli əleyhissalamın qadınlarla rəftarı . Cəmiyyətdə naməhrəm qadınlar və qızlarla qarşılaşmalar, beləliklə də onlarla ünsiyyətdə olmaq məcburiyyəti hər zaman kişilər üçün, xüsusilə də gənclər üçün ən çətin problemlərdən biri olmaqdadır. Qadınlarla rəftarın necəliyi ilə əlaqədar nümunə və ülgünün insanlara tanıtdırılmaması, qadın-kişi münasibətlərinin sərtləşməsi və yanlışı bəzi insanların əyrilik və pozuculuğa meyillənmələrinə, bəzilərinin isə qeyri-normal münasibət yaratmalarına səbəb olmuşdur. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki – İmam Əli (ə) gənc yaşlarında olarkən yaşlı qadınlarla rastlaşanda onlara salam vermiş, hal-əhvallarını soruşmuş, lakin gənc qızlarla belə rəftardan çəkinmiş və onların salamlarının cavabını almaqla kifayətlənmişdir. – Ehtiyaclı və yoxsul olan qadınlara, xüsusilə də dul qadınlara Allah rizası üçün yaxşılıqlar edər, bazardan onlar üçün ərzaq alıb evlərinə aparar, uşaqları sevindirərdi. Lakin bu münasibətlərin heç birində şeytanın (nəfsin) əlinə bəhanə verməzdi. Şeytan və nəfsin hiylələrindən, yəni yardım və yaxşılıqdan sui istifadə edərək tanışlıq, ünsiyyət qurmaq, tamah, cismi ləzzətlər kimi çirkin və iyrənc məqsədlərdən tamamilə uzaq idi. – Qadınlarla ehtiram və hörmətlə davranar, buyurardı: “Qadınlara yalnız alicənab insanlar hörmət edər, yalnız alçaq adamlar qadınları təhqir edərlər.” -Hər bir qadının qeyrətini çəkər, onların namusunu qorumağı özünə şərəf bilərdi. – Uzaqgörən və ağıllı qadınlarlın məsləhətlərini dinləyərdi. İnsanlara xitabən buyurardı: “Hər qadınla məsləhətləşməyin, yalnız təcrübəsi ilə dərin düşüncə və dərketməyə malik olduğunu göstərmiş qadınlarla məsləhətləşin.” . 3- İmam Əli əleyhissalamın xəstələr ilə rəftarı . İnsan elə bir varlıqdır ki, ictimai həyatdan başqa yol ilə ömür sürə bilməz. Təbiidir ki, ictimai həyatda insanların bir-birlərinin üzərində məsuliyyət və haqqları vardır. Bu qarşlıqlı məsuliyyyət və haqqlara riayət etmək ictimai ünsiyyət qaydaları və yaşayış ədəbləri adlanır. İctimai ünsiyyət qaydalarından biri də xəstələnmiş şəxslərə baş çəkməkdir. Tanıdığımız insan xəstələndikdə biz həmin şəxsə baş çəkməyi özümüzə borc bilirik. Xəstənin ziyarətinə getmək və ona baş çəkmək çox yaxşı işdir, lakin əgər xəstəyə baş çəkmək qaydalarına düzgün riayət etməsək bizim rəftarımız xoşagəlməz olacaqdır. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki: – Xəstənin görüşünə gedəndə onun sinəsi tərəfdə oturar xəstənin şəfası və sağalması üçün dua edərdi. – Xəstənin yaxınlarına tapşırardı ki, sədəqə verməklə xəstələrini sağaltsınlar. – Xəstəyə baş çəkməyin savab və mənəvi mükafatlarını camaata açıqlayar və onlara baş çəkməyi tövsiyə edərdi. – Tapşırardı ki, xəstənin yanında çox oturmasınlar. Buyurardı: “Xəstəyə baş çəkənlərdən ən çox savab ən az oturana verilər.” – Tapşırardı ki, xəstənin görüşünə cəm şəklində gedin, bu iş xəstənin ruhiyyəsinə çox müsbət təsir edir. Həmçinin, xəstə ilə görüş üçün münasib zaman seçin, ona hədiyyə (meyvə, şirniyyat və sair) aparın. Xəstə ilə görüşəndə ümidverici sözlər danışın. Xəstə ilə görüş zamanı şad və sevincli olun, müsbət və könül açan sözlərdən istifadə edin, onun xəstəliyinin qorxu və ziyanları barədə danışmayın… . 4- İmam Əli əleyhissalamın yetim uşaqlar ilə rəftarı . Yetim sözü ərəb dilindən tərcümədə tənha mənasınadır. Yetim o uşaqlara deyirlər ki, həddi buluğu çatmamışdan əvvəl atasız qalmışlar, yəni ataları vəfat etmişdir. İslam dini yetim üşaqlar üçün xüsusi haqqlar təyin etmiş və müsəlman cəmiyyətindən istəmişdir ki, o haqqlara düzgün riayət etməklə yetim uşaqlara atanın yoxluğunu unutdurub onların himayə və təlim-tərbiyəsini öz üzərlərinə götürməklə bu boşluğu doldursunlar. İmam Əli əleyhissalamın həyatına nəzər saldıqda görürük ki: – İmam Əli (ə) yetim uşaqlarla rastlaşanda o qədər təvazökar və mehriban olurdu ki, yetim uşağın yanında torpağın üzərində oturar, şəfqət əli ilə onun başını siğallayar, dərindən ah çəkərək buyurardı: “Yetim uşaqlara görə ah-nalə etdiyim kimi heç bir şeyə ah-nalə etməmişəm.” – İmam Əli (ə) yetimlərə qayğı ilə əlaqədar buyurur: الله الله في الأيتام فلا تغبوا أفواههم ولا يضيعوا بحضرتكم فقد سمعت رسول الله صلى الله عليه وآله يقول : ” من عال يتيما حتى يستغني أوجب الله عز وجل له بذلك الجنة كما أوجب لآكل مال اليتيم النار “Yetimlərlə əlaqədar Allahdan qorxun. Onları ac qalmağa və cəmiyyət içində zay olmağa qoymayın. Mən Allahın Rusulundan (s) eşitdim ki, buyurdu: -Yetim uşağı öz himayəsinə götürərək onu ehtiyacsız edən şəxsə onun bu xeyir işinin əvəzində Allah cənnəti həmin şəxsə vacib edər. Eləcə də yetimin malını (haqqını) yeyən şəxsə cəhənnəmi vacib edər.” əl-Kafi 7-ci cild 51-ci səhifə – İmam Əlinin (ə) xilafəti dövründə biri Həmədan o biri isə Həlvan şəhərlərindən olan iki nəfər Kufəyə bal və əncir gətirərək imam Əliyə (ə) təqdim etdilər. İmam Əli (ə) həmin an göstəriş verdi ki, yetim uşaqları çağırsınlar. Yetim uşaqlar gəldikdə İmam Əli (ə) tapşırdı ki, uşaqlar bal çəlləklərinin qapağını açsınlar, istədikləri qədər yesinlər. Sonra o balı müxtəlif qablara töküb camaat arasında böldü. Bəzi adamlar bu işə görə etiraz etdilər ki, nə üçün yetim uşaqlara bal çəlləklərinin ağzından yeməyə icazə verdiniz? İmam Əli əleyhissalam buyurdu: ان الامام ابوالیتامى و انما العقتهم هذا برعایة الاباء “İmam yetimlərin atasıdır, ona görə də ata olaraq övladlarına belə bir icazəni verməlidir ki, onlar yetimliklərini hiss etməsinlər.” Biharul ənvar 41-ci cild 123-cü səhifə – Bir çox insanlar yetim uşaqlara maddi yardımlar etməklə kifayətlənirlər. Lakin imam Əli əleyhissalam onların maddi ehtiyaclarını təmin etməkdən əlavə onların ruhi-mənəvi ehtiyaclarını da nəzərə alardı, təki yetim uşaqlar ruhları düyünlü və duyğulardan məhrum halda böyüməsinlər. İmam Əli (ə) uşaqları öz əli ilə yedizdirərdi, təki onlar atanın əlindən xörək yeməyin şirinliyini dadsınlar. – İmam Əli (ə) yetim uşaqları yanına çağırar, onlarla oynayardı. Dizlərini torpağa qoyub uşaqlar üçün qoyun səsini çıxararaq onları güldürərdi. Belə bir davranış tərzi atasını itirmiş uşaqların ruhiyyələrinə çox böyük təsirlər qoyur, təki onlar itkini hiss etməsinlər. Onlar da başqaları kimi şad və xürrəm böyüsünlər. Son: Bu yazdıqlarım bəşəriyyətin kamin insanlıq nümunəsi olan imam Əli əleyhissalamın həyat yolundan bir damla idi. Allah Taala bizləri o həzrətin yolunu getməyə çalışanlardan etsin və bizi bu yolda müvəffəq etsin.   RZA ƏZİZOĞLU İRƏVANİ  

İmam Əli (ə) 08.01.2025

Dünyada ən ləzzətli və ən acılı məqam hansı məqamlardır?

“Bütün ləzzətlərin dadına baxdım, ən ləzzətlisi – can sağlığıdır. Bütün ağrı-acıları yaşadım, ən ağrılısı – başqalarına möhtac olmaqdır. Dəmir daşıdım, daş daşıdım, amma borc daşımaq qədər ağır heç nə yoxdur. Həyat iki gündür: biri – lehinə, digəri də əleyhinədir. Gün lehinə olduqda lovğalanma, naşükür olma, əleyhinə işlədikdə isə səbir göstər”   İmamın nitqinin ülviliyinə dəlalət edən 9 kəlam Hər kəsin qiyməti onun etdiyi yaxşılıqlarla ölçülür. Camaat bilmədiklərinin düşmənidir. Kişi dilinin altında gizlənib. İstədiyinə yaxşılıq et! əmiri olarsan. Hər bir insana ehtiyacın olmasa, onun kimi olarsan. İstədiyinə etiraz et, əsiri olarsan. İlahi izzətli olmağım üçün sənə bəndə olmağım kifayət edər. İlahi iftixar etməm üçün sənin mənə rəbb olman yetər. İlahi sən mən sevdiyim kimisən, Məni də sevdiyin kimi qıl!   Allahın müqəddəratı ilə razılaşmaq “Bu insanın işi necə də qəribədir! O, əlinə gələn nemətə görə sevinir, hal bu ki onsuz da ona sahib olacaqdı. Bu insan çata bilmədiyi nemətə görə narahat olur, hal bu ki onsuzda o nemətə çatmayacaqdı. Əgər bu insan biraz düşünsəydi, (həqiqəti) görərdi. Anlayardı ki onun işləri digəri tərəfindən tədbir olunur, bilərdi ki ruzi öz miqdarına uyğun bölünür. Belə olan halda o, əli asan çatanla kifayətlənər, əldə edilməsi çətin olanın arxasınca qaçmazdı”   Ən pis yoldaş kimdir? “Ən şər yoldaş Allaha günah etməyi sənin üçün bəzəyəndir( Yəni onu yaxşı cilvələndirəndir)”   Ən pis doğru söz “Düz sözlərin ən pisi kişinin özünü tərifləməsidir”   Kimlərlə dostluq edək? Səhabələrdən biri İmam Əliyə yaxınlaşaraq, deyir: Ya Əli kimlərlə dostluq etmək olmaz? İmam buyurur: “Sənin yaxşı işlərini gizlədən və demiyənlə və eləcə də sənin pis işlərini yayanla dostluq etmə”     İmam Əlinin (ə) tarixə verdiyi həyati əhəmiyyət “Ey mənim oğlum! Mən özümdən öncəkilər qədər yaşamasam da, onların işlərinə nəzər saldım və barələrində gələn xəbərlər haqda düşündüm, qoyub getdiklərini bir seyr etdim. O yerə qədər ki onlardan biri oldum. Onlardan mənə çatanların sayəsində özümü elə gördüm ki elə bil onların ömrünün əvvəlindən sonuna qədər onlarla birgə olmuşam. Onların həyatının şirin anlarını çətin anlarından ayırıb tanıdım. Faydalı və ziyanlı həyatları ilə aşina oldum. Onun (tarix) hər mühüm və dəyərli tərəfini və hər gözəl və şirin hadisələrini sənin üçün çıxarıb ortaya qoydum. Onun məchul və naməlumlarını (şübhəli və qaranlıqlı məqamlar) səndən uzaq tutdum. Övladı üçün yaxşılıq istəyən mehriban bir atanın əməli kimi mən də səni onun (tarixin) yaxşılıqları ilə tərbiyələndirmək istədim. Sən indi həyatın əvvəlindəsən. Yenicə rizigarla üzləşirsən, sağlam niyyət və səfali mənəviyyatın var.”   İmam Əli (ə) cahil insanın əlamətlərini necə izah edir? “Cahil o kəsdir ki – bilmədiyi məsələdə – özünü alim hesab edə və öz fikri ilə kifayətlənə. O, alimlərdən uzaq olar və onlara eyb tutar. Öz muxaliflərini xətakar, anlamadığı məsələləri isə yoldan azdıran (fikir) kimi bilər. Bilmədiyi mətləbə çatanda onu inkar edərək yalan bilər. Nadanlıq üzündən deyər: Mən belə bir şeyi tanımıram və belə bir şeyin olmasına inanmıram. Belə bir şey harada var, deyər. Bu ona görədir ki, yalnız öz rəyinə inanır və cahil olmasına da mərifəti yoxdur. Bu cahilliyə görə cəhldən bəhrələnərək, haqqı inkar edər və nadanlıqda da mütəhəyyir (avara və heyrət içində) qalar. O təkəbbürlük edib elm almaz.”   İmam “Allahdan qorxma!” tövsiyəsinin necə izah edir? “Möminlərin əmiri İmam Əli vücudunu qorxu bürümüş bir kişini gördü. İmam ona dedi: Sənə nə olub? Kişi cavab verdi: Allahdan qorxuram. İmam buyurdu: Ay Allahın bəndəsi günahlarından qorx! Kimsənin ödənilməmiş haqqı səndə qalacağı təqdirdə səni tutacaq Allahın ədalətindən qorx! Sənə vacib buyurulanlarda itaət et! Səni islah edən və xeyrinə olan buyuruqlarda günah etmə! Bundan sonra Allahdan qorxmaq lazım deyil, çünki o kimsəyə zülm etməz. Allah belə bəndəsini layiq olduğundan artıq cəzalandırmaz. Amma ömrünün aqibətinin pis olacağından, (mənfiyə doğru) dəyişəcəyindən qorxursansa və Allahın bu pis aqibətdən səni amanda saxlamağını istəyirsənsə, elə isə bil ki, sənə gələn xeyirlər Allahın kərəm və tövfiqatı sayəsindədir. (və bil ki,) Gələn pis işlər isə Allahın sənə möhlət verməsi və sənə görə səbirli olmasına görədir.”   Daimi sağlamlığın qısa resepti İmam Əlinin (ə) tövsiyəsində “Qidanı ac ikən yeyən, onu yaxşı çeynəyən, iştahı ola ola əlini yeməkdən çəkən və vaxtı gələn kimi  ifrazatı qarnında saxlamayan şəxs yalnız ölüm öncəsi xəstəliklə xəstələnə bilər.”   İmamın dünənimiz və sabahımız haqda maraqlı hədisi “Fövtə gedən (dünən) arxada qalıbdır, qarşıda gələn (sabah) haradadır?!, Bu iki yoxun arasındakı fürsəti qənimət bil”   Qəlbinizin qulaqlarını açın ki sözlərimi dərk edə biləsiz “Həqiqətən mən sizin aranızda qaranlıqda olan çıraq kimiyəm. Hər kim aydınlığından bəhrələnmək istəyər – eşidin və sözlərimi qəbul edin. Qəlbinizin qulaqlarını açın ki, sözlərimi dərk edəsiniz” islaminsesi.info

İmam Əli (ə) 08.01.2025

İmam Əlinin (ə) dözümü

Mənim səsimi eşitmədinmi? Bir gün imam Əli (ə) qulamlarından birini çağırır. Ancaq qulam cavab vermir. Həzrət ikinci və üçüncü dəfə onu səsləyir, lakin qulamdan yenə bir xəbər olmur. İmam yerindən qalxıb onu axtarır və onun istirahət etdiyini görür. Əmir əl-möminin (ə) ona buyurur: – Mənim səsimi eşitmədinmi? – Eşitdim. – Bəs nə üçün mənə cavab vermədin? – Ya Əli, bu işimə görə sənin məni cəzalandırmayacağına və danlamayacağına əmin idim. Ona görə də səhlənkarlıq etdim. İmam Əli (ə) buyurdu: – Səni Allah yolunda azad etdim. Qaynaq: “Məhcətul-bəyza”, c. 5, səh. 123.

İmam Əli (ə) 08.01.2025

Həzrət Əlidən (ə) hikmətli kəlam və şərhi

İmam Əli (ə): “Nemətlərin nümunələri sizə gəlib çatdıqda, şükrün azlığı ilə onun qalan hissəsini özünüzdən uzaqlaşdırmayın”. Qısa şərh: 1. Nemətlər insana tədrici sürətdə nazil olur, insanın da onları qoruyub saxlamaq üçün şükr etməsi labüddür. Şükrün isə mərhələləri vardır: qəlbən edilən şükür, dil ilə olan şükür və əsası da əməldə göstərilən şükür. Yəni hər bir neməti öz lazımi yerində sərf etmək. Həmçinin bir çox nemətlər tədricən aradan gedir, əgər insan vaxtinda maneələri aradan qaldırarsa, nemət yenidən öz yerinə qayıdar. 2. Necə ki, Allah Quranda buyurur: “Əgər şükür etsəniz, (sizə olan nemətlərimi) artıraram”. (“İbrahim” ,7) Başqa ayədə buyurur: “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin”. (“Səbə”, 15) 3. Allahın isə Öz bəndələrinin şükrünə ehtiyacı yoxdur, insanın o nemətlərə ehtiyacı var və əgər insan Allahın bəxş etdiyi nemətləri yerindəcə sərf etməsə, həqiqətdə Allahın verdiyi nemətə şükür etməmiş olur və İlahi xeyirdən məhrum qalır. 4. Deməli İlahi nemətlərin nazil olmasının qarşısını alan amillərdən biri şükür etməməkdir. Şükür etmək vasitəsi ilə insan Allahın gələcəkdə ona bəxş edəcəyi nemətlərin nazil olması üçün də zəmin yaratmış olur. Ayətullah Məkarim Şirazi “Pəyame-İmam”, cild: 12, səh: 100-104

İmam Əli (ə) 08.01.2025

Məgər Kufəyə getmirsən?

İmam Əli (ə) bir gün Kufəyə tərəf hərəkət edir. Bir kafir ilə yol yoldaşı olur. Həmin kişi İmamdan (ə) soruşur ki, hara gedirsən? İmam (ə) cavab verir ki, Kufəyə gedirəm. O zaman ki, iki yol ayrıcına gəlib çatırlar, bir-birindən ayrılmaq istəyirlər, İmam (ə) öz yolundan xaric olur və onun yolu ilə getməyə başlayır. Kafir kişi deyir: “Məgər Kufəyə getmirsən?”. İmam (ə) buyurur: “Bəli, Kufəyə gedirəm”. Kişi deyir: “Bəs niyə Kufə yolunu buraxdın?”. İmam (ə) buyurur: “Bu, gözəl yoldaşlığın kamalıdır ki, yol yoldaşını bir neçə addım ötürəsən. Bu, Peyğəmbərin (s) bizə verdiyi göstərişdir”. Kişi deyir: “Sizin Peyğəmbər (s) belə göstəriş veribdir?”. İmam (ə) buyurur: “Bəli”. Kişi deyir: “Deməli, hər kim onun ardıcılı olubdur, bu böyük rəftarına görə olmuşdur. Mən səni şahid tuturam ki, sənin dininin ardıcılı olum”. Bu zaman İmamla (ə) birlikdə Kufəyə gəlir və onu tanıyan zaman İslam dinini qəbul edir.

İmam Əli (ə) 08.01.2025

Həzrət Əliyə (ə) verilən 7 sual…

Bir kişi Həzrət Əlinin (ə) yanına gəlib dedi: “Mən yeddi yüz fərsəx yol gəlmişəm ki, Sizdən 7 sual soruşum”. Həzrət Əli (ə) buyurdu: “Buyur soruş”. Həmin kişi soruşdu: 1. Səmadan daha böyük olan nədir? Həzrət (ə) buyurdu: “Günahsıza yalan bağlamaq” 2. Yerdən daha böyük olan nədir? Həzrət (ə) buyurdu: ” Haqq yerdən daha genişdir.” 3. Oddan daha isti olan nədir? Həzrət (ə) buyurdu: ” Hərislik oddan daha istidir.” 4. Buzdan da daha soyuq olan nədir? Həzrət (ə) buyurdu: ” Paxıl adamın yanına hacət aparmaq buzdan daha soyuqdur.” 5. Dəryadan daha dərin olan nədir? Həzrət (ə) buyurdu: ” Qane olan insan dəryadan daha dərindir.” 6. Daşdan daha möhkəm olan nədir? Həzrət (ə) buyurdu: ” Kafirin ürəyi daşdan daha möhkəmdir.” 7. Yetimdən daha zəif olan nədir? Həzrət (ə) buyurdu: ” Söz gəzdirən yetimdən daha zəif və daha artıq biçarədir.” /Deyerler/

İmam Əli (ə) 08.01.2025

Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.

Əmirəlmöminin Əli əleyhissalam buyurur: أَعظَمُ المَصائِبِ الجَهلُ “Cəhalət və nadanlıq ən böyük müsibət və bəladır.” Təsnifu qurərul hikəm 73-cü səhifə . Doğrudan da cəhalət, elmsizlik və nadanlıq hər bir cəmiyyət üçün ən böyük müsibət və bəladır. Əgər biz insanları düzgün maarifləndirməsək, Qurani-kərim ayələrinin həqiqətlərini onlara açıqlamasaq, Peyğəmbər (s) və İmamların (s) hikmətli hədislərini insanlara təqdim etməsək cəmiyyətin cəhalət və nadanlıqda qalmalarının müqəssiri biz olacağıq. Üstəlik yabançı, yalançı, saxta və batil əqidələr insanların cahillik və nadanlıqlarından istifadə edərək cəmiyyəti Haqqdan və Əxlaqdan uzaqlaşdıraraq özlərinə tərəf çəkəcəklər. Baxın, gecə vaxtı işıqlar sönəndə evdə kiçik bir kibrit çöpü yandıranda otaq necə işıqllanır?! Kibritin nurunun otağı işıqlandırması heç də kibritin nurunun çoxluğu və əzəmətindən deyil, əksinə otağın həddən artıq qaranlıq və zülmət içində olmasına görədir. Dinsizlik, ateizm, nurçuluq, sələfilik, şeytanpərəstlik, bütpərəstlik və ilaxır kimi saxta, batil və puç əqidələrin cəmiyyətdə yayılması onların elm və məlumatlarının çox olmasından deyil, əksinə cəmiyyətin həddən ziyadə cahil, nadan və elmsiz olduqlarına, eləcə də İslamdan və Əxlaqdan çox uzaq olduğuna görədir. RZA ƏZİZOĞLU İRƏVANİ

İmam Əli (ə) 08.01.2025

HӘZRӘT ӘLİNİN (ә) DÜNYАNI MӘZӘMMӘTİ

“Еy Аllаhın bәndәlәri, sizә sizi аtmış dünyаdаn uzаqlаşmаğı vәsiyyәt еdirәm.” Hәzrәt Әli (ә) “Nәhcül-bәlаğә” kitаbındа dünyаnı о qәdәr mәzәmmәt еdir ki, bu kitаbı “dünyаnı mәzәmmәt kitаbı” аdlаndırаn оlsа tәәccüb еtmәyә dәymәz. Bu kitаbdа çох аz хütbәlәrdә bu mәzәmmәtlә rаstlаşmırıq. Hәzrәt (ә) buyurur: “Dünyа sizin nәzәrinizdә “sәlm” аğаcının qurumuş yаrpаğındаn, qоyun qırхаrkәn yеrә düşәn zәrrәdәn dә kiçik vә dәyәrsiz оlmаlıdır.” Bаşqа bir yеrdә buyurur: “Еy Аllаhın bәndәlәri, sizә sizi аtmış dünyаdаn uzаqlаşmаğı vәsiyyәt еdirәm.” Еlә bu хütbәnin dаvаmındа охuyuruq: “Görmürsünüzmü ki, dünyа әhli dәyişkәn hаldа gündüzdәn gеcәyә, gеcәdәn gündüzә çıхırlаr? Biri üsündә yаs qurmuş ölü, о biri bаş sаğlığı vеrilәn kәs, digәri giriftаrçılıq içindә yıхılmış хәstә, bir bаşqаsı хәstә yоluхmаğа gеdәn şәхs, kimi cаn vеrәn аdаm, kimisi ölüm аrdıncа gәzәn dünyаgir, bә`zisi dә Аllаhın yаddаn çıхаrdığı qаfil!” Bәlkә dә, Hәzrәtin (ә) bu mövzu bаrәsindә buyurduğu әn mаrаqlı kәlаm budur: “Аnd оlsun Аllаhа, sizin dünyаnız mәnim gözümdә cüzаm хәstәliyinә tutulmuş insаnın әlindәki dоnuz sümüyü tәk аlçаqdır!” Cüzаm хәstәliyinә tutulmuş insаn görmüsünüzmü? Оnun sifәti о qәdәr çirkin оlur ki, bахаnlаrdа ikrаh dоğurur. İndi murdаr dоnuzun ölüsünün sümüyünü әlindә tutmuş cüzаm хәstәni tәsәvvür еdin! Bеlә bir mәnzәrәdә cаzibәdаrlıq vаrmı? Hәzrәt (ә) dünyаyа bеlә bir münаsibәtdә оlduğunu bildirir.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...