Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Müsəlmanın həyat tərzi 05.02.2025

(SU) İÇMƏK QAYDALARI

(SU) İÇMƏK QAYDALARI https://ia904706.us.archive.org/28/items/su-icmek-1/su%20icmek%201.mp3 “Əli yumaq: Peyğəmbər (s) buyurur: “Əllərinizi yuyun, sonra onlarda su için. Çünki heç bir qab əldən təmiz deyil Qabı başa çəkməmək: Peyğəmbər (s) bu barədə buyurur: “Tuluğun (parç və tayqulp kimi qabların) başından su içməyin “Əl-Fəqih” c. 3, səh. 359. 6 “Əl-Came əs-səğir”, c. 1, səh. 184. 9 “Məani əl-əxbar” səh. 281. “Suyu dördayaqlılar kimi içməyin. Əllərinizlə için, çünki onlar sizin ən yaxşı qablarınızdır”” Qabın qızıldan olmaması: Peyğəmbər (s) buyurur: “Kim qızıl və gümüş qabda yemək yeyir və ya (su) içirsə, qarnını Cəhənnəm odu ilə yaxalayır”” Qabın tutacaq tərəfindən içməmək: Peyğəmbər (s) buyurur: “Suyu qabın tutacaq səmtindən içməyin, çünki çirkin toplaşdığı yerdir” Sınıq tərəfdən içməmək: İmam Kazım (ə) buyurur: “Qabın sınıq tərəfindən (su) içməyin, çünki Şeytan (mikrob) yığnağıdır. Suyu içməyə “Bismillah”la başlayın, “Əlhəmdu lillah”la bitirin”“ Minnətdarlıq: Əmirülmöminin (ə) buyurur: “Peyğəmbər hər dəfə su içəndən sonra deyərdi: “Əlhəmdu lillahil-ləzi ləm yəcəlhu ucabən bizünubina və cəəlhu əzbən furatən binimətihi”” Ayaq üstə dayanmaq: Əmirülmöminin (ə) buyurur: “Ayaq üstə su içməyin, çünki Allahdan başqasının çarə qıla bilməyəcəyi əlacsız dərd gətirir” İmam Sadiq (ə) gecə və gündüz su içmək arasında fərq qoyaraq, əslində, Əmirülmömininin (ə) kəlamını izah edir: “Gündüz ayaq üstə su içmək yeməyin həzminə kömək edir, gecə ayaq üstə su içmək isə səfra (sifraq) gətirir” ” Başqalarından sonra içmək: Peyğəmbər (s) buyurur: “Başqalarına su verən özü hamıdan sonra içsin” İmam Sadiqin su içmək haqqında tövsiyələri: həzrət buyurur: “Kim su içərkən bu qaydalara riayət etsə, Allah onu Cənnətə layiq edər: suyun olduğu qabı ağıza yaxınlaşdırdıqda “Bismillah” deyib içsin, susuzluğu yatmadan qabı ağzından çəkib, Allaha şükür etsin və yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin. Sonra bir daha qabı ağzından çəkib, Allaha şükür etsin, yenə içsin”. ” “Əl-Fəqih” c. 4, səh, 10. “Əl-Came əs-səğir”, c. 1, səh, 184) “Əvali əl-ləali”, c. 4, səh. 8. Məkarim əl-əxlaq” səh. 424. “Məkarim əl-əxlaq” c. 5, səh. 151-152. Tərcümə: “Suyu gunahlarımıza görə acı etməyən, neməti olduğu üçün şirta və dadı edən Allaha şükürlər olsun” (“İrşad əl-qülub” səh. 37) 6 “İləl-əş-şəral” səh. 460. “Əl-Kafi” c. 6, səh. 383, “Kənz əl-fəvald”, c. 1, səh. 170, “Əl-Kafi”, 2, səh, 96-97,

Azərbaycan 05.02.2025

Xocalı soyqırımı

https://ia601606.us.archive.org/13/items/xocali-soy-qirimi/Xocalı%20soy%20qırımı.mp3 Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan: uşaqlar – 63 nəfər; qadınlar – 106 nəfər; qocalar – 70 nəfər. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq valideynlərindən birini itirmişdir 487 nəfər yaralanmışdır, onlardan: uşaqlar – 76 nəfər; 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür.

İmam Səccad (ə) 05.02.2025

İmam Səccadın (ə) həyatına qısa bir baxış

https://ia904705.us.archive.org/21/items/imam-seccadin-heyati/İmam%20Seccadin%20heyati.mp3 Şəhidlər sərvəri imam Hüseynin oğlu imam Səccad (ə) şiələrin dördüncü imamıdır. Adı Əli, anası Şəhrəbanu, ən məşhur ləqəbi Zeynəlabidin və Səccaddır. O həzrət 38-ci hicri-qəməri ilində dünyaya gəlmiş və uşaqlıq illərini Mədinə şəhərində keçirmişdir. Təxminən iki il babası imam Əlinin (ə), on il də əmisi imam Həsənin (ə) imamət dövrünü görmüşdür. Hicrətin 61-ci ilinin Məhərrəm ayında atasının inqilab və şəhadəti zamanı Kərbəlada iştirak etmiş, lakin xəstə olduğu üçün döyüşməmişdir. Kərbəla faciəsindən sonra digər əhli-beyt əsirləri ilə birlikdə Kufəyə, sonra isə Şama əsir aparılmışdır. Bu səfərdə o həzrət müsibət və çətinliklər zamanı digər əsirlərin pənahı və himayədarı olmuşdur. O həzrət bu səfərdə öz mətin çıxışları ilə Yezidin hakimiyyətini rüsvay etmiş və Şamdan qayıtdıqdan sonra Mədinə şəhərində yaşamışdır. Nəhayət, hicrətin 94, ya da 95-ci ili Hişam ibn Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhadətə yetirilmiş və “Bəqi” qəbristanlığında əmisi imam Həsənin (ə) qəbrinin kənarında dəfn olunmuşdur. İMAMIN XƏSTƏLİYİ İLAHİ BİR MƏSLƏHƏT İDİ Bir qrup müsəlman imam Səccadı (ə) həmişə xəstə kimi yad edir və bununla da, camaatın düşüncəsində o həzrət çox zəif, əldən düşmüş, saralıb-solmuş bir şəxs kimi canlanır. Halbuki, əslində, heç də belə olmamışdır. Çünki o həzrət yalnız Kərbəlada, özü də çox qısa müddətdə xəstə olmuşdur. Kərbəla hadisəsindən sonra isə sağalmış və təxminən, otuz beş il digər imamlar kimi sağlam bədənlə fəaliyyət göstərmişdir. Şübhəsiz, o həzrətin Kərbəla hadisəsindəki müvəqqəti xəstəliyi Allahın bir məsləhəti olmuşdur. Belə ki, imam Səccad (ə) bu vasitə ilə “cihad” vəzifəsindən azad olmuş, müqəddəs vücudu Yezidin muzdurlarının ölüm təhlükəsindən amanda qalaraq imamət xətti davam etmişdir. Əgər imam Səccad (ə) xəstələnməsəydi, cihadda mütləq iştirak etməliydi. Bu təqdirdə, atasının başqa oğul və dostları kimi şəhid olar və beləcə, imamət nuru birdəfəlik sönmüş olardı. Sibt ibn Cuzi yazır: “Əli ibn Hüseyn (imam Səccad) xəstə olduğu üçün öldürülmədi.” (“Təzkirətul-xəvvas”, səh.324.) Məhəmməd ibn Səd yazır: “Əli ibn Hüseynin (ə) Aşura günü atası ilə olan zaman iyirmi üç, yaxud iyirmi dörd yaşı var idi. O, həmin gün xəstə olduğundan döyüşdə iştirak edə bilməmişdir.” (Ət-təbəqatul-kubra, c.5, səh.221.) Bəli, dördüncü imamın sağ qalmasına səbəb olan xəstəlik ilahi bir məsləhət idi. İMAM SƏCCAD (Ə) – KƏRBƏLA İNQİLABININ CARÇISI İmam Səccad (ə) “Aşura” faciəsindən sonra Əhli-beyt əsirlərinin başında olmaqla “Aşura” inqilabının və imam Hüseynin (ə) şəhadətinin carçısı olmuş, öz söhbət və çıxışları ilə Əməvi hakimiyyətinin çirkin üzünü tanıtdırmaq və camaatın düşüncəsini oyatmaqla məşğul olmuşdur. Müaviyənin dövründən etibarən Əməvilər sülaləsinin Peyğəmbər (s) ailəsinin əleyhinə uzun-uzadı təbliğatlarını nəzərə almaqla, şübhəsiz, əgər Əhli-beyt əsirləri Əməvilər hakimiyyətinin iç üzünü açaraq camaatın düşüncəsini oyatmasaydılar, İslam düşmənləri və hakim dairələr imam Hüseynin (ə) böyük və həmişəyaşar inqilabını tarix səhifəsindən pozar, onun simasını dəyişdirərdilər. Ancaq imam Səccadın (ə), eləcə də, digər əsirlərin əsir olduqları müddətdə apardıqları təbliğat imam Hüseynin (ə) düşmənlərinə bu fürsəti vermədi və Yezidi hər yerdə rüsvay etdi.

Pak sülalə 04.02.2025

HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şaban ayının 4-də müsəlmanlar İmam Əli (ə) və Ümmülbəninin oğlu, İmam Həsən (ə) və İmam Hüseynin (ə) qardaşı, Kərbəlada İmam Hüseyn (ə) dəstəsinin bayraqdarı Həzrət Əbülfəzl Abbasın (ə) mövlud gününü qeyd edirlər. Həzrət Abbas (ə) hicrətin 26-cı ilində dünyaya gəlib, çoxlu fəzilətlərinə görə “Əbəlfəzl”, yəni “fəzilət atası və sahibi” ləqəbini qazanıb. Adı: Abbas; Künyəsi: Əbülfəzl; Ləqəbi: Qəməri Bəni-Haşim (Haşimilərin ayı), Babül-həvaic (hacətlər qapısı); Doğum günü: 26-cı hicri-qəməri ili, Mədinə şəhəri; Atası: İmam Əmirəlmöminin Əli (ə); Anası: Fatimə Kilabiyyə (Ümmül-Bənin); Həyat yoldaşı: Abdullah ibn Abbasın qızı Lübabə (Tarixdə həzrət Əbülfəzl-Abbasın (ə) 18-21 yaşlarında evləndiyi göstərilir); Övladları: 5 oğul, bir qız: Übeydüllah, Fəzl, Həsən, Qasim, Məhəmməd və Hədiqətün-Nəsəb (və yaxud Hədaiqül-üns); Kərbəlada vəzifəsi: İmam Hüseynin (ə) qoşununun ələmdarı və bayraqdarı; Şəhadət günü: 61-ci hicri-qəməri ili, Məhərrəm ayının 10-u (Aşura günü); Dəfn olunduğu yer: Kərbəla şəhəri; Mübarək ömrü: 34-35 il. Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl (ə) də bu ümumi qanundan istisna deyildir. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəlmöminin Əli (ə) kimi atadan əxlaqi-mənəvi xüsusiyyətləri öyrənmək, imam Həsən (ə), imam Hüseyn (ə), xanım Zeynəb (s.ə.) və Ümmü-Gülsüm (s.ə.) kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl (fəzilət atası) yox, Əbülfəzail (fəzilətlər atası) yaradır. Lakin o həzrətin uşaqlıq çağlarını və imamların onun barəsindəki qiymətli kəlamlarını araşdırarkən məlum olur ki, onun gözəl əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu səciyyələrin bir hissəsi o həzrətdə zatidir ki, atası imam Əlidən (ə) irs aparmışdır. Tarixdə göstərilir ki, imam Əli (ə) xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən bir neçə il il sonra Ümmül-Bəninlə evləndi və bu evlilikdən dörd oğul dünyaya gəldi: Abbas, Ovn, Cəfər və Osman. Onların ən böyüyü Abbas idi. Qeyd edək ki, həzrət Abbasın (ə) anası Ümmül-Bəninin əsl adı Fatimədir. Dörd oğul dünyaya gətirdiyi üçün ona “Ümmül-bənin” (oğullar anası) deyildi. Həzrət Əbülfəzl-Abbas (ə) 26-cı hicri-qəməri ilinin Şəban ayının 4-də, Mədinə şəhərində dünyaya göz açmışdır. O, doğulan gün imam Əli (ə) körpəni qucağına alıb, sağ qulağına azan, sol qulağına isə iqamə dedikdən sonra adını Abbas qoydu. “ Abbas” sözünün lüğətdə bir çox mənaları vardır ki, bir mənası da güclü aslan deməkdir. İmam Əli (ə) oğlunun bədəninə baxıb, bədənində şücaət və qəhrəmanlığı gördükdə, adını Abbas qoydu. İmam Əli (ə) bəzən Abbası qucağına alıb qollarını öpərək ağlayardı. Bir gün Ümmül-Bənin o həzrətin ağlamasının səbəbini soruşduqda, Həzrət belə cavab verdi: “Bu əllər Hüseynə kömək yolunda kəsiləcəkdir.” Bəli, Abbas, imam Əlinin (ə) evində, imanlı və vəfalı ana qucağına, imam Həsən (ə) və imam Hüseynin (ə) kənarında boya-başa çatdı və bu pak ailədən böyük insanlıq, sədaqət və şəhadət dərslərini öyrəndi. Tarixdə göstərilir ki, imam Əli (ə) Abbası uşaq olarkən yanında əyləşdirib, Abbasdan “bir” deməsini istəyir. Abbas da deyir: “Bir!” İmam Əli (ə) ondan “iki” deməsini istədikdə, Abbas “iki” deməkdən çəkinir. Həzrət “iki” deməməsinin səbəbini soruşduqda, Abbas belə cavab verir: “Allahı bir çağırdığım dillə iki deməyə utanıram.” Həzrət Abbas (ə) yalnız şücaətdə deyil, həm də ağıl, zəka və insanlıq cilvələrində də üstün idi. O, yəqin bilirdi ki, böyük bir gün – Aşura üçün zəxirə olunmuş və doğulmuşdur. Həzrət Abbas (ə) on dörd yaşında ikən atası imam Əmirəlmöminin Əli (ə) 40-cı hicri-qəməri ilinin Ramazan ayının 21-də şəhadətə yetdi və atasının şəhadət vaqiəsinin, dəfn mərasiminin şahidi oldu. O, atası imam Əlinin (ə) Ramazan ayının 21-ci gecəsi, şəhadət yatağındakı tövsiyələrini əsla unutmadı. İmam (ə) ondan istəmişdi ki, Kərbəlada Aşura günü qardaşı Hüseyni (ə) tək-tənha qoymasın. İmam Əlinin (ə) şəhadətindən sonra isə qardaşı imam Həsənin (ə) imamətinin acı illərini də təcrübə etdi. İmam Həsən (ə) zəhərlənib şəhadətə yetəndə, həzrət Əbülfəzl-Abbasın (ə) 24 yaşı var idi. Həzrət Əbülfəzl-Abbas qardaşı imam Həsənin (ə) şəhadətindən sonra öz ömrünü imam Hüseynə (ə) xidmətə sərf etdi. Müaviyənin ölümündən sonra Mədinənin hakimi imam Hüseyni (ə) “darul-imarə”yə çağırıb Yezidin peyğamını o həzrətə çatdırdıqda, həzrət Əbülfəzl-Abbas (ə) otuz nəfərlə birlikdə darul-imarənin önündə hazır vəziyyətdə dayanmışdılar. Onların darul-imarəyə gəlişi ilə imam Hüseynin (ə) önündən təhlükələr qaldırıldı. Həzrət Əbülfəzl-Abbas (ə) Aşura karvanının Kərbəlaya doğru köçünün rəhbərliyini də öz öhdəsinə götürdü, Kərbəlada tarixi səhifələrdə misilsiz bir qəhrəmanlıq göstərdi və Əməvilərin amannaməsini geri qaytarmaqla dövrün imamına vəfadarlığını İslam camiəsində yadigar qoydu. O həzrət Aşura günü Kərbəlanın yandırıcı səhrasında Əhli-beyt uşaqlarının qurumuş dodaqlarını gördükdə, su tuluğunu çiyninə alıb həyatının ən böyük sınağından alnıaçıq çıxmaq üçün yola düşdü, düşmən sıralarını pozaraq özünü Fərat çayına yetirdi. Tuluğu su ilə doldurub, öz təşnə dodaqları ilə Fəratın zülal suyuna bir tamaşa etdi, amma bir qurtum belə su içmədi. Çünki Hüseyn (ə) və övladları xeymələrdə susuz idilər. Onlardan öncə özünü su ilə sirab etməsini özünə yaraşdırmadı. Düşmən yaxşı bilirdi ki, Abbasın (ə) qolları yerə düşməyincə, kimsə onun müqabilində dayana bilməz. Odur ki, onun qollarını hədəf aldılar. Abbas (ə) suyun qorunması üçün hər iki əlini əldən verdi və düşmən zərbələri ilə atdan yıxıldı. İmam Hüseyn (ə) özünü Abbasın başı üstə yetirib qucağına aldıqda, artıq Abbas öz Məhbubuna qovuşmuşdu. Abbas (ə) 34-35 yaşında ikən şəhadətə yetdi. İmam Səccad (ə) əmisi Abbas (ə) haqda belə buyurmuşdur: “Allah əmim Abbasa rəhmət etsin ki, qardaşı yolunda fədakarlıq etdi, öz canını qurban verdi və iki əli kəsildi. Allah-Taala ona Cəfər Təyyar kimi, kəsilmiş iki əlinin müqabilində iki qanad əta etdi ki, behiştdə mələklərlə pərvaz etsin. Abbasın Allah dərgahında məqamı o qədər böyükdür ki, qiyamət günü bütün şəhidlər onun uca məqamına qibtə edəcəklər.” https://ia601608.us.archive.org/25/items/h-zr-t-bu-lf-zl-abbasin-h-yatina-qisa-bi-r-baxis/HƏZRƏT%20ƏBÜLFƏZL-ABBASIN%20%28Ə%29%20HƏYATINA%20QISA%20BİR%20BAXIŞ.mp3

İmam Hüseyn (ə) 04.02.2025

İmam Hüseynin (ə) həyatı

https://ia904706.us.archive.org/34/items/imam-huseynin-hyati/İmam%20Hüseynin%20ə%20həyatı.mp3 Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi mətləbləri nəzərinizə çatdırırıq: Şəhidlər sərvəri imam Hüseyn (ə) 4-cü hicri-qəməri ilinin Şəban ayının 3-də Mədinə şəhərində dünyaya göz açdı. İslam Peyğəmbəri (s) bu xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın (ə.s.) evinə yola düşdü. Xanım Fatimeyi-Zəhranın (ə.s) xidmətçisi Əsma uşağı ağ parçaya büküb, Peyğəmbərin (s) hüzuruna gətirdi. Peyğəmbər (s) körpəni qucağına alıb sağ qulağına “azan”, sol qulağına isə “iqamə” oxudu. İmam Hüseynin (ə) dünyaya gəlişinin 7-ci günü Allah tərəfindən Peyğəmbərə (s) nazil olan mələk belə dedi: “Harun, Musa peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli də sənin dostun və qardaşındır. Buna görə də, bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!” Beləliklə, imam Hüseynin (ə) adı Allah tərəfindən təyin edildi. İmam Hüseynin (ə) təvəllüdünün 7-ci günü, xanım Fatimeyi-Zəhra (ə.s) oğlu üçün bir qoyunu qurbanlıq edib ətini yoxsullara payladı. Həzrət Peyğəmbər (s) dəfələrlə onu qucağına alıb öpərək ağlamış və buyurmuşdu: “Hüseyni qarşıda böyük müsibət gözləyir. Əməvilərdən zalım bir dəstə oğlumu öldürəcəkdir. Onlar qiyamət günü mənim şəfaətimdən məhrum qalacaqlar”. PEYĞƏMBƏRİN (S) HÜSEYNƏ (Ə) MƏHƏBBƏTİ Peyğəmbərin (s) səhabəsi Salman Farsi bu barədə belə deyir: ”Peyğəmbəri (s) oğlu (nəvəsi) Hüseyni dizi üstündə oturdub onu öpərək nəvaziş etdiyini və belə buyurduğunu gördüm: “Sən imamsan, imam oğlu və imamlar atasısan. Sənin nəslindən doqquz imam gələcək ki, onların sonuncusu “vəd olunmuş Mehdidir”. Peyğəmbərin (s) Hüseynə (ə) sevgi və məhəbbətini ən yaxşı şəkildə ifadə edən cümləsi budur: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə, məni sevib. Hər kəs onlarla düşmənçilik etsə, mənimlə düşmənçilik edib”. (“İmamların ictimai-siyasi tarixi”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYN (Ə)-İN İMAMƏTDƏN QABAQKI MÜBARİZƏLƏRİ İmam Hüseyn (ə) elə gənclik dövründən siyasi və nizami səhnələrdə atası ilə çiyin-çiyinə çalışmışdır. O, atasının hakimiyyəti dövründə baş vermiş hər üç döyüşdə fəal iştirak etmişdir. “Cəməl” döyüşündə ordunun sol cinahının başçılığı imam Hüseynin (ə) öhdəsində idi. “Siffeyn” döyüşündə istər ordunu döyüşə həvəsləndirmək məqsədilə etdiyi çıxışlarda, istərsə də düşmənlə mübarizədə əsas rol oynamışdır. (“Siffeyn döyüşü”, səh.144, 249, 530.) İmam Hüseyn (ə) atasının şəhadətindən sonra zəmanənin rəhbəri imam Həsənlə (ə) birgə olmuşdur. İmam Həsənin (ə) ordusu Şama tərəf hərəkət edəndə, mübarizə meydanında imam Hüseyn (ə) imam Həsənlə (ə) bir olmuşdur. Müaviyə imam Həsənə (ə) sülh təklif etdikdə, o həzrət imam Hüseyn (ə) və Abdullah ibn Cəfəri çağırıb, bu təklif barədə onlarla məsləhətləşdi. Nəhayət, sülh müqaviləsi bağlanandan sonra qardaşı ilə birgə Mədinəyə qayıtdılar. (“Sireyi-Pişvayan”, imam Hüseynin (ə) həyatı.) İMAM HÜSEYNİN (Ə) HƏYAT MƏRHƏLƏLƏRİ İmam Hüseyn (ə) uşaqlıq dövrünün altı ilini babası Peyğəmbərin (s) yanında keçirmişdir. Peyğəmbərin (s) vəfatından sonra otuz il atası imam Əli (ə) ilə birgə yaşamış və imam Əlinin (ə) hakimiyyəti dövründə irəli çıxan çətinliklərdə fəal iştirak etmişdir. İmam Əlinin (ə) şəhadətindən sonra (hicrətin 40-cı ilindən) siyasi və ictimai səhnələrdə qardaşı imam Həsənlə (ə) çiyin-çiyinə çalışmışdır. İmam Həsənin (ə) şəhadətindən sonra (hicrətin 50-ci ilindən) on il müddətinə qədər Müaviyə ibn Əbu Süfyanın hakimiyyəti dövründə islami vəzifələr imam Hüseynin (ə) öhdəsinə düşmüşdür. Müaviyənin ölümündən sonra hakimiyyət başına gələn Yezidin dövründə inqilab etmiş və nəhayət, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Kərbəla çölündə şəhadətə yetmişdir.

Şəban 04.02.2025

Şaban ayının müştərək əməlləri və zikrləri

Şaban ayının müştərək əməlləri və zikrləri https://ia801604.us.archive.org/15/items/sban-ayinin-emelleri/Şəban%20ayinin%20emelleri.mp3 Şaban ayı mübarək Ramazan ayına son hazırlıq fürsəti sayılır. Hədis və rəvayətlərdə Peyğəmbər (s) ayı adlanan Şabanda bir sıra ibadətlər tövsiyə olunub. Müqəddəs Şaban ayının da Rəcəb ayı kimi, həm müştərək əməlləri, yəni ayboyu edilə bilinəcək əməllər, həm də xüsusi günlərə aid olan əməlləri vardır. Oruc tutmaq. Hər gün 70 dəfə İmam Sadiqdən (ə) nəql olunan bu zikri demək: أَسْتَغْفِرُ اللَّهَ وَ أَسْأَلُهُ التَّوْبَةَ ( Əstəğfirullahə və əs-əluhut təvbəh) Hər gün 70 dəfə aşağıdakı zikri demək: أَسْتَغْفِرُ اللَّهَ الَّذِي لا إِلَهَ إِلا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ الْحَيُّ الْقَيُّومُ وَ أَتُوبُ إِلَيْهِ (Əstəğfirullahəl-ləzi lə iləhə illə huvər-rahmənur-rahim əl-həyyul-qayyum və ətubu iləyh) Fəqir və ehtiyaclı olanlara sədəqə vermək. Həzrət Əlidən (ə) ayın ən yaxşı əməli barədə soruşulduqda, İmam (ə) buyurub: “Sədəqə və bağışlanma diləmə”. Bütün ay boyu aşağıdakı zikri 1000 dəfə oxumaq: لا إِلَهَ إِلا اللَّهُ وَ لا نَعْبُدُ إِلا إِيَّاهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ (Lə iləhə illəllahu və lə nə’budu illə iyyəhu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun) Bu zikr, ay boyu onu oxuyanın əməl dəftərində min ilin ibadəti kimi yazılar. Həzrət Peyğəmbər (s) buyurub ki, bu zikri deyən Qiyamət gün  öz qəbrindən üzü bədrlənmiş ay kimi bərq vuran halda qalxacaq. Bu ayın hər 4-cü günü (cümə axşamı) iki rükət namaz qılmaq. Namazın hər rükətində “Həmd” surəsindən sonra 100 dəfə “Tövhid” (“İxlas”) surəsini oxumaq lazımdır. Namazın salamlarından sonra isə 100 dəfə salavat göndərmək. Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Bu namazı qılan hər kəsin Allah dini və dünyəvi hacətlərini yerinə yetirər və bu günü oruc tutan şəxsin bədəninə cəhənnəm odu haram olar”. Həzrət Peyğəmbər (s) və onun pak Əhli-Beytinə (ə) çoxlu salavat göndərmək. Şəban ayının hər günü gün batana yaxın bu salavatların deyilməsimüstəhəbdir: اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، شَجَرَةِ النُّبُوَّةِ، وَمَوْضِعِ الرِّسالَةِ، وَمُخْتَلَفِ الْمَلائِكَةِ وَمَعْدِنِ الْعِلْمِ، وَاَهْلِ بَيْتِ الْوَحْىِ اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ‏ مُحَمَّدٍ، الْفُلْكِ الْجارِيَةِ، فِى اللُّجَجِ الْغامِرَةِ، يَأْمَنُ مَنْ رَكِبَها، وَيَغْرَقُ‏ مَنْ تَرَكَهَا، الْمُتَقَدِّمُ لَهُمْ مارِقٌ، وَالْمُتَاَخِّرُ عَنْهُمْ زاهِقٌ وَاللّازِمُ لَهُمْ‏ لاحِقٌ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الْكَهْفِ الْحَصينِ، وَغِياثِ‏ الْمُضْطَرِّ الْمُسْتَكينِ، وَمَلْجَأِ الْهارِبينَ، وَعِصْمَةِ الْمُعْتَصِمينَ، اَللّهُمَ‏ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، صَلوةً كَثيرَةً تَكُونُ لَهُمْ رِضاً، وَلِحَقِ‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَدآءً وَقَضآءً، بِحَوْلٍ مِنْكَ وَقُوَّةٍ يا رَبَّ الْعالَمينَ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، الطَّيِّبينَ الْأَبْرارِ الْأَخْيارِ، الَّذينَ‏ اَوْجَبْتَ حُقُوقَهُمْ، وَفَرَضْتَ طاعَتَهُمْ وَوِلايَتَهُمْ، اَللّهُمَّ صَلِّ عَلى‏ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ، وَاعْمُرْ قَلْبى‏بِطاعَتِكَ، وَلا تُخْزِنى‏ بِمَعْصِيَتِكَ، وَارْزُقْنى‏ مُواساةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ بِما وَسَّعْتَ عَلَىَّ مِنْ‏ فَضْلِكَ، وَنَشَرْتَ عَلَىَّ مِنْ عَدْلِكَ، وَاَحْيَيْتَنى‏ تَحْتَ ظِلِّكَ، وَهذا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ، شَعْبانُ الَّذى‏ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَالرِّضْوانِ، الَّذى‏ كانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَالِه‏ وَسَلَّمَ، يَدْاَبُ فى‏ صِيامِهِ‏ وَقِيامِهِ، فى‏ لَياليهِ وَاَيَّامِهِ، بُخُوعاً لَكَ فى‏ اِكْرامِهِ وَاِعْظامِهِ، اِلى‏ مَحَلِ‏ حِمامِهِ، اَللّهُمَّ فَاَعِنَّا عَلَى الْأِسْتِنانِ بِسُنَّتِهِ فيهِ، وَنَيْلِ الشَّفاعَةِ لَدَيْهِ، اَللّهُمَّ وَاجْعَلْهُ لى‏ شَفيعاً مُشَفَّعاً وَطَريقاً اِلَيْكَ مَهيَعاً، وَاجْعَلْنى‏ لَهُ‏ مُتَّبِعاً، حَتّى‏ اَلْقاكَ يَوْمَ الْقِيمَةِ عَنّى‏ راضِياً، وَ عَنْ ذُنُوبى‏ غاضِياً، قَدْ اَوْجَبْتَ‏ لى‏ مِنْكَ الرَّحْمَةَ وَالرِّضْوانَ، وَاَنْزَلْتَنى‏ دارَ الْقَرارِ وَمَحَلَّ الْأَخْيارِ، Duanın oxunuşu: Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, şəcərətin-nubuvəti və məvziir-risaləti və muxtələfil-məlaikəh, və mə`dinil ilmi və əhli-bəytil vəhy. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl fulkil cariyəti fil-lucəcil ğamirəh, yə`mənu mən rəkibəha və yəğrəqu mən tərəkəha, əl-mutəqəddimu ləhum-mariq, vəl mutəəxxiru ənhum zahiq, vəl-lazimu ləhum lahiq. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, əl kəhfil həsin, və ğiyasil muztərril mustəkin, və məlcəil haribin, və ismətil mu`təsimin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, səlatən kəsirətən təkunu ləhum riza, və lihəqqi Muhəmmədin və ali-Muhəmməd, ədaən və qəzaən bihəvlin minkə və quvvətin ya rəbbəl aləmin. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, ət-təyyibinəl əbraril əxyar, əlləzinə əvcəbtə huquqəhum və fərəztə taətəhum və vilayətəhum. Əllahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd, və`mur qəlbi bitaətik, və la tuxzini bimə`siyətik, vərzuqni muvasatə mən qəttərtə ələyhi min rizqikə bima vəssə`tə ələyyə min fəzlik, və nəşərtə ələyyə min ədlik, və əhyəytəni təhtə zillik, və haza şəhru nəbiyyikə səyyidi rusulik, Şə`banulləzi həfəftəhu minkə bir rəhməti vər-rizvan, əlləzi kanə Rəsulullahi səlləllahu ələyhi və alihi və səlləm, yəd`əbu fi siyamihi və qiyamihi fi ləyalihi və əyyamih, buxuən ləkə fi ikramihi və i`zamih, ila məhəlli himamih. Əllahummə fəəinna ələl istinani bisunnətihi fih, və nəyliş-şəfaəti lədəyh. Əllahummə vəc`əlhu li şəfiən muşəffəa, və təriqən iləykə məhyəa, vəc`əlni ləhu muttəbia, hətta əlqakə yəvməl qiyaməti ənni raziya, və ən zunubi ğaziya, qəd əvcəbtə li minkər-rəhmətə vər-rizvan, və ənzəltəni darəl qərari və məhəlləl-əxyar. Duanın tərcüməsi: İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – nübüvvət ağacı, risalət ocağı, mələklər düşərgəsi (enib-qalxdığı yer), elm mədəni və vəhy diyarının əhalisinə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir! Onlar dərin dənizlərdə üzən bir gəmidir ki, ona minən amanda qalar, onu tərk edən boğular, onlardan irəli keçən dindən çıxar, onlardan geri qalan həlak olar və onlara bağlanan son məqsədə çatar. İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – ümmətin möhkəm hasarı, çarəsizlərin fəryadına yetən, qaçanların pənahgahı və ismət əhlinin gözətçilərinə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə çoxlu alam göndər; elə bir salam ki, onların razılığına səbəb olsun, Sənin güc və qüdrətinlə Muhəmməd və Muhəmmədin Əhli-beytinin haqqı yerinə yetirilsin, ey aləmlərin Rəbbi! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə – haqlarını, itaət və vilayətini (və məhəbbətini) vacib etdiyin pak-pakizə, xeyirxah və seçilmiş şəxslərə salam yetir! İlahi, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir! Qəlbimi Sənə itaətlə abadlaşdır, Sənə asi olmaqla məni rüsvay etmə, mərhəmət və ədalətinlə mənə əta etdiyin geniş imkan sayəsində ruzisini azaltdığın şəxsə əl tutmağı mənə nəsib et, lütf və mərhəmətin sayəsində məni yaşat! Rəhmət və razılığınla əhatə etdiyin Şəban ayı elçilərin sərvəri olan Peyğəmbərinin ayıdır ki, Rəsulullah (Allahın salamı olsun ona və onun Əhli-beytinə) həmin ayın gecə və günlərində daim namaz qılır və oruc tuturdu. Sənin dərgahında təvazökarlıq edərək həyatının sonuna qədər bu ayın ehtiramını saxladı. İlahi, bu ayda o həzrətin sünnəsinə əməl etmək və onun yanındakı şəfaəti qazanmaqda bizə kömək et! İlahi, o həzrəti mənim üçün məqbul şəfaətçi və Sənə tərəf düzgün yol təyin et, qiyamət günü Səninlə görüşənə qədər məni onun ardıcılı qərar verərək həmin gün rəhmət və razılığını mənə vacib edəcəyin və məni əbədi behişt evində, xeyirxahların mənzilində məskunlaşdıracağın halda, məndən razı ol və günahlarıma göz yum!)  

Həzrət Muhəmməd (s) 04.02.2025

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik edir və həmin günə məxsus əməlləri diqqətinizə çatdırırıq: 1. Qüsl etmək; İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bu günü (Məbəs gününü) Allah-Taala müsəlmanlara bayram elan etmişdir. Həmin günü qüsl edin”. (“Cəvahirul-kəlam”, Məhəmmədhəsən Nəcəfi, 5/36.) 2. Oruc tutmaq; İmam Sadiq (ə) buyurmuşdur: مَنْ صَامَ سَبْعَةً وَ عِشْرِينَ مِنْ رَجَبٍ كُتِبَ لَهُ أَجْرُ صِيَامِ سَبْعِينَ سَنَةٍ “Hər kəs Rəcəb ayının 27-ci gününü oruc tutarsa, Allah-Taala onun üçün yetmiş il orucun savabını yazacaqdır.” O həzrət başqa bir hədisdə belə buyurmuşdur: لَا تَدَعْ صِيَامَ يَوْمِ سَبْعَةٍ وَ عِشْرِينَ مِنْ رَجَبٍ فَإِنَّهُ الْيَوْمُ الَّذِي نَزَلَتْ فِيهِ النُّبُوَّةُ عَلَى مُحَمَّدٍ (ص) وَ ثَوَابُهُ مِثْلُ سِتِّينَ شَهْراً لَكُمْ؛ “Rəcəb ayının 27-ci günün orucunu unutmayın ki, bu gün həzrət Muhəmməd (s) Allah-Taala tərəfindən peyğəmbərliyə seçildi. Bu günün orucunun savabı altımış ayın orucunun savabına bərabərdir.” (“Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq.) 3. Çoxlu salavat demək. 4. İslam Peyğəmbəri (s) və imam Əlini (ə) (yaxından və yaxud uzaqdan) ziyarət etmək. 5. Kəfəmi “Misbah” kitabında Rəyyan ibn Səltdən belə nəql edir: “İmam Cavad (ə) Bağdadda ikən Rəcəb ayını‎n 15-ci və 27-ci günlərini qohum-əqrəbası‎ ilə birlikdə oruc tutar, bizə də on iki rükət (iki-iki) namaz q‎lmağı‎ əmr edərdi. Həmin namazın qılınma qaydası belədir: hər iki rükətdən sonra “Həmd”, “Fələq” və “Nas” surələri dörd dəfə, “Təsbihati-ərbəə”ni (Subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər) dörd dəfə, “Əllahu Əllahu Rəbbi, la u‏şriku bihi ‏şəy`a” (Allah, Allah, mən Rəbbimə heç nəyi ş‏ərik qoş‏muram) və “La uş‏riku birəbbi əhəda” (Mən heç kəsi Rəbbimə ‏şərik etmirəm) zikirlərinin hərəsi dörd dəfə deyilir. 6. Əbülqasim Hüseyn ibn Ruhdan nəql olunur ki, “Məbəs” günü on iki rükət (iki-iki) namaz q‎ılmaq müstəhəbdir. Belə ki, hər rükətdə “Həmd” surəsini dedikdən sonra asan surələrdən birini və salamlardan sonra isə bu duanı‎ oxuyursan: Əlhəmdu lilahilləzi ləm yəttəxiz vələddən və ləm yəkun ləhu şərikun fil mulk, və ləm yəkun ləhu vəliyyun minəz-zull, və kəbbirhu təkbira, ya uddəti fi muddəti ya sahibi fi şiddəti, ya vəliyyi fi ni`məti ya ğiyasi fi rəğbəti, ya nəcahi fi hacəti ya hafizi fi ğəybəti, ya kafiyyə fi vəhdəti, ya unsi fi vəhşəti, əntəs-satiru əvrəti, fələkəl həmdu və əntəl muqilu əsrəti, fələkəl həmdu və əntəl mun`işu sər`əti, fələkəl həmd, səlli əla Muhəmmədin və ali-Muhəmməd, vəstur əvrəti və amin rəv`əti, və əqilni əsrəti, vəsfəh ən curmi və təcavəz ən səyyiati fi əshabil cənnəh, və`dəs-sidqilləzi kanu yuədun. (Həmd-səna özünə övlad götürməyən, mülk və hakimiyyətində şəriki olmayan, izzəti ucaldan yardımçıya ehtiyacsız olan Allaha məxsusdur. Sən də layiqincə (Ona təkbir de və) Onu uca bil! Ey ömrüm boyu ehtiyatım, ey çətinlikdə munisim, ey malik olduğum nemətlərin sahibi, ey istədiyim zaman fəryadıma yetən, ey hacətimi rəva qılan, ey qaib olduğum zaman gözətçim, ey tənha olduğum zaman pənahım, ey qorxduğum zaman munisim! Sən eyiblərimi örtdün, belə isə, həmd-səna Sənə məxsusdur! Sən xətalarımdan keçdin, belə isə, həmd-səna Sənə məxsusdur! Sən, büdrədiyim zaman əlimdən tutdun, belə isə, həmd-səna Sənə məxsusdur. Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetir, eyiblərimi ört, qorxumu əmin-amanlığa çevir, xətalarımdan keç, günahlarımı əfv et, çirkin işlərimi bağışla və məni sədaqət və doğruluqla müjdələnən cənnət səhabələrinin zümrəsinə daxil et!) Namaz və duanı qurtardıqdan sonra “Həmd”, İxlas”, “Fələq”, “Nas”, “Kafirun”, ”Qədr” və “Ayətəl-kürsi”ni yeddi dəfə, “La ilahə illəlahu vəllahu əkbər, və subhanəllahi və la həvlə və la quvvətə illa billah” zikrini yeddi dəfə, “Əllahu Əllahu Rəbbi, la uşriku bihi şəy`a” zikrini də yeddi dəfə oxuduqdan sonra istədiyin hacəti diləyirsən. 7. “İqbalul-əmal” və “Misbah”‎ kitablarında “Məbəs” günü aşağı‎dak‎ı duanı‎ oxumağ‎ın müstəhəb olması da qeyd olunmuşdur: Ya mən əmərə bil əfvi vət-təcavuz, və zəmmənə nəfsəhul əfvə vət-təcavuz, ya mən əfa və təcavəzə`fu ənni, və təcavəz ya kərim. Əllahummə və qəd əkdət-tələbu və ə`yətil hilətu vəl məzhəb, və dərəsətil amalu vənqətəər-rəca, illa minkə vəhdəkə la şərikə lək. Əllahummə inni əcidu subuləl mətalibi iləykə muşrəəh, və mənahilər-rəcai lədəykə mutrəəh, və əbvabəd-duai limən dəakə mufəttəhəh, vəl istianətə limənistəanə bikə mubahəh, və ə`ləmu ənnəkə lidaikə biməvzii icabəh, və lis-sarixi iləykə bimərsədi iğasəh, və ənnə fil-ləhfi ila cudik, vəz-zəmani biidətikə ivəzən min mən`il baxilin, və mənduhətən əmma fi əydil mustə`sirin, və ənnəkə la təhtəcibu ən xəlqikə illa ən təhcubəhumul ə`malu dunək, və qəd əlimtu ənnə əfzələ zadir-rahili iləykə əzmu iradətin yəxtarukə biha, və qəd nacakə biəzmil iradəti qəlbi, və əs`əlukə bikulli də`vətin dəakə biha rac, bəlləğtəhu əmələhu əv sarixun iləykə əğəstə sərxətəh, əv məlhufun məkrubun fərrəctə kərbəh, əv muznibun xatiun ğəfərtə ləh, əv muafən ətməmtə ni`mətəkə ələyh, əv fəqirun əhdəytə ğinakə iləyh, və litilkəd-də`vəti ələykə həqq, və indəkə mənziləh, illa səlləytə əla Muhəmmədin və ali-Muhəmməd, və qəzəytə həvaici həvaicəd-dunya vəl axirəh, və haza rəcəbul murəccəbul mukərrəmulləzi əkrəmtəna bihi min bəynil uməmi ya zəl cudi vəl kərəm, fənəs`əlukə bihi və bismikəl ə`zəmil ə`zəmil ə`zəmil əcəllil əkrəm, əlləzi xələqtəhu fəstəqərrə fi zillik, fəla yəxrucu minkə ila ğəyrik, ən tusəlliyə əla Muhəmmədin və əhli-bəytihit-tahirin, və təc`ələna minəl amilinə fihi bitaətik, vəl amilinə fihi bişəfaətik. Əllahummə vəhdina ila səvais-səbil, vəc`əl məqiləna indəkə xəyrə məqil, fi zillin zəlil, fəinnəkə həsbuna və ni`məl vəkil, vəs-səlamu əla ibadihil mustəfəyn, və sələvatuhu ələyhim əcməin. Əllahummə və barik ləna fi yəvmina hazəlləzi fəzzəltəh, və bikəramətikə cəlləltəh, və bilmənzilil (əzimil) ə`la ənzəltəh, səlli əla mən fihi ila ibadikə ərsəltəh, və bil məhəllil kərimi əhləltəh. Əllahummə səlli ələyhi səlatən təkunu ləkə şukrən və ləna zuxra, vəc`əl-ləna min əmrina yusra, vəxtim ləna bis-səadəti ila muntəha acalina, və qəd qəbiltəl yəsirə min ə`malina, və bəlləğtəna birəhmətikə əfzələ amalina, ənnəkə əla kulli şəy`in qədirun və səlləllahu əla Muhəmmədin və alihi və səlləm. (Ey əfv və güzəştə əmr edən və özü də əfv və güzəşti (bəndələri bağışlamağı) zəmanət verən! Ey əfv edən və güzəştə gedən, ey kərim Allah, məni də əfv et və günahlarımdan keç! İlahi, axtarış nəticə vermədi, çarə yolları bağlandı, arzular köhnəldi, ümidlər üzüldü, yalnız Səndən başqa! Sən təksən və Sənin şərikin yoxdur! İlahi, bilirəm ki, axtarış yolları Sənə doğru açıqdır, Sənin yanında ümid çeşmələri doludur, Səni çağıranların üzünə dua qapıları açıqdır və Səndən yardım diləyənlərə yardımın hazırdır. Bilirəm ki, həqiqətən, Sən, Səni çağıranların duasını qəbul etməyə hazırsan, Sənin dərgahında fəryad edənlərin fəryadına yetənsən, kərəminə sığınmaq və vədinə etimad etmək paxılların maneəsi müqabilində böyük əvəz və sərvət sahiblərindən ehtiyacsızlıqdır. Sən məxluqatdan gizli deyilsən. Səni məxluqatdan gizlədən (Səninlə məxluqat arasında fasilə salan) yalnız onların (çirkin) əməlləridir. Bilirəm ki, Sənə doğru köç etmək istəyən şəxsin ən yaxşı ehtiyatı yalnız Səni istəyən ciddi iradədir. Mənim qəlbim belə ciddi iradə ilə Sənin dərgahında raz-niyaz edir və Səni çağıran və arzularına çatanların duası, fəryadına yetənlərin fəryadı, çətinliyini aradan qaldırdığın çarəsizlər, yaxud bağışladığın günahkar və xətakar, yaxud nemətini tamamladığın sağlam insan, öz sərvətindən hədiyyə verdiyin yoxsul kimi Səndən istəyirəm. Belə duanın Sənin dərgahında həqiqət və məqamı vardır. Səndən istəyirəm ki, Muhəmməd və Muhəmmədin Əhli-beytinə salam yetirəsən, mənim də dünya və axirət hacətlərimi rəva edəsən! Bu, əziz və girami Rəcəb ayıdır; elə bir aydır ki, onun vasitəsilə bizə izzət veribsən. O, hörmətli ayların birincisidir və onun vasitəsilə ümmətlər arasından bizi əziz edibsən. Ey ehsan və kərəm sahibi! Bu ayın və Sənin ən böyük, (üç dəfə), əzəmətli və kəramətli adının – xəlq etdiyin, Öz ərşinin kölgəsində yerləşdirdiyin və Səndən başqasına doğru xaric olmayan adının vasitəsilə Səndən istəyirik ki, Muhəmməd və onun pak Əhli-beytinə salam yetirəsən, bizi bu ayda Sənin itaətinlə məşğul olanlar və Sənin şəfaətinə ümid bəsləyənlər sırasında qeyd edəsən! İlahi, bizi doğru yola hidayət et və bizim (qiyamətdəki) istirahət yerimizi Öz yanında, ən yaxşı istirahət yeri, gözəl kölgəlikdə və geniş bir mülkdə təyin et. Həqiqətən, Sən bizə kifayətsən və (Sən) necə də gözəl vəkilsən! Salam olsun Onun seçilmiş bəndələrinə! Onların hamısına Onun salam və salavatı olsun! İlahi, (risalət şərəfi ilə) fəzilətli etdiyin, öz kəramətinlə qədir-qiymət verdiyin və şərafətli məqama ucaltdığın bu gün (Məbəs günü) bizə bərəkət ver! Həmin gün bəndələrinə doru göndərdiyin (peyğəmbərliyə seçdiyin) və şərafətli məqama ucaltdığın şəxsə salam yetir! İlahi, ona Sənə şükür olunan, bizə də zəxirə sayılan daimi salam yetir, işimizi asanlaşdır və bizi ömrümüzün sonuna qədər səadət və xoşbəxtlikdən uzaq salma! Sən bizim az əməllərimizi qəbul etdin və bizi Öz lütf və mərhəmətinlə ən yaxşı arzularımıza yetirdin. Həqiqətən, Sən hər bir şeyə qadirsən. Allahın salam və salavatı olsun Muhəmməd və onun Əhli-beytinə!) (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)https://ia801603.us.archive.org/9/items/bu-gec-mbs-bayraminin-gecsidir-bu-gecnin-mllri/Bu%20gecə%20“Məbəs”%20bayram%E2%80%8Eını%E2%80%8En%20gecəsidir%20Bu%20gecənin%20əməlləri.mp3

İmam Museyi-Kazim (ə) 04.02.2025

İmam Kazimin (ə) həyatına qısa bir baxış

https://ia904701.us.archive.org/34/items/qisa-tarixi/qisa%20tarixi.mp3 İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq: İmam Musa Kazimin (ə) şəxsiyyəti  Adi: Musa; Ləqəbi: Kazim; Künyəsi: Əbülhəsən; Atası: İmam Sadiq (ə); Anası: Həmidə; Övladlarının sayı: 36 (19 oğlan, 17 qız); Təvəllüdü: 128-ci hicri-qəməri ili, Səfər ayının 7-si; Başqa rəvayətə görə, Zil-hiccə ayının 20-si; İmamlıq müddəti: 35 il; Ömrü: 54 il; Şəhadəti: 182-ci hicri-qəməri ili, Rəcəb ayının 25-i Abbasi xəlifəsi Harunun əmri ilə zəhərlənərək şəhid edildi; Məzarı: İraq, Kazimeyn şəhəri. İmam Musa Kazimin (ə) həyatı ilə qısa tanışlıq Şiələrinin yeddinci imamı həzrət Musa ibn Cəfər (ə) çox səbirli olduğu, qəzəb və hiddətini udduğuna görə, müsəlmanlar ona “Kazim “ləqəbini vermişdilər. İmam Kazim (ə) hicrətin 128-ci ilində – bəzi qaynaqlara əsasən, hicrətin 129-cu ilində – Məkkə ilə Mədinə arasında yerləşən Əbva məntəqəsində dünyaya göz açıb. O həzrətin anasının adı Həmidə Bərbəriyyədir. İmam Kazim (ə) hicrətin 182-ci və yaxud 183-cü ilinin Rəcəb ayının 25-də zalım Abbasi xəlifəsi Harunər-Rəşidin Bağdaddakı zindanında şəhadətə yetmişdir. Bəzi mənbələrdə o həzrətin şəhadətini Rəcəb ayının 5-i, bəzisi isə Rəcəb ayının 6-ı qeyd edilmişdir. İmam Kazim (ə) əziz atası imam Sadiqin (ə) şəhadətindən sonra, hicrətin 148-ci ilində şiələrin rəhbərliyini öz öhdəsinə götürmüş və mübarək ömrünü Mədinə və Bağdadda keçirmişdir. O həzrət imam olduğu müddətdə adları çəkilmiş xəlifələrlə müasir olmuşdur: Mənsur Dəvaniqi (137-158 h.q); Məhəmməd Mehdi Abbasi (158-169); Musa Hadi (169-170) və Harunər-Rəşid (170-193). O həzrətin dövründə yaşamış Ələvi şəxsiyyətlərindən heç biri onunla müqayisə edilə bilməzdi və o həzrət elm, təqva, zöhd və ibadət baxımından öz zamanının ən öndə gedəni idi. Şeyx Müfid o həzrət haqqında belə yazır: “Əbülhəsən Musa (imam Kazim) (ə) öz zamanının ən abidi, ən fəqihi və ən səxavətlisi idi.” (“Əl-irşad”, s. 277.) Şeyx Təbərsi yazır: “İmam Kazim (ə) Allahın kitabını qorumaqda ən öndə gedənlərdən idi… Mədinə əhalisi onu “Allaha ibadətdə səy edənlərin zinəti” adı ilə adlandırmışdı.” (“Əlamul-vəra”, Əbu Əli Fəzl ibn Həsən Təbərsi, 298.) İbn Əbil-Hədid imam Kazim (ə) haqda belə yazır: “Fəqihlik, dindarlıq, təqva və səbir – bütünlükdə o həzrətdə toplanmışdı.” (“Təqyidul-elm”, Xətib Bağdadi, təhqiq: Məhəmməd Əbülfəzl İbrahim, c. 15, s. 273.) “Əş-şuzuratuz-zəhəb” kitabında belə yazılır: “O həzrət saleh, abid, səxavətli, səbirli və uca məqama sahib idi.” (c. 1, s. 304.) Məşhur nəsəbşünas Yəhya ibn Həsən ibn Cəfər o həzrət barədə belə yazır: “Musa ibn Cəfərə (ə) ibadət və ictihadına görə “saleh bəndə” deyirdilər.” (“Təhzibut-təhzib”, c. 1, s. 339.) Bu ifadələr şiə və sünni raviləri və tarixçilərinin imam Kazim (ə) haqqında dediklərindən yalnız bir neçə nümunədir. İmam Kazimin (ə) xüsusiyyətləri arasında ən çox diqqəti çəkən o həzrətin səxavətli və kəramət sahibi olmasıdır. Hətta onun bu xüsusiyyəti zərbi-məsəl belə olmuşdu. İbn Ənbə bu barədə yazır: “O həzrət özü ilə daim qızıl kisələr gəzdirər və onları qarşılaşdığı fəqirlərə və ya onun ehsanına göz dikənlərə bağışlayırdı, hətta o həzrətin qızıl kisələri dillər əzbəri olmuşdu.” (“Umdətut-talib”, s. 196.) Məşhur rical alimlərindən olan Zəhəbi imam Kazim (ə) haqqında belə yazır: “Musa ibn Cəfər (ə) hikmət sahiblərinin ən əliaçığı və Allah bəndələrinin ən təqvalısı idi.” (“Mizanul-etidal”, c. 4, s. 201.) Zahidlik və ibadət də o həzrətin digər xüsusiyyətlərindən idi. İmam Kazimin (ə) həyatı uzun illər zindanda keçmiş və bu müddət ərzində Allaha ibadətlə məşğul olmuşdu. İmam Musa Kazimin (ə) şəhadəti Harunər-Rəşid 179-cu hicri ilində həccə getdiyi zaman Mədinəyə də dönür. İmam Kazim (ə) Mədinədə yaşayırdı. Harun, o həzrətin gizli fəaliyyətlərindən xəbərdar olduğu üçün, Rəsulullahın (s) məzarının kənarına gələrkən Rəsulullahın (s) qəbrinə xitab olaraq belə deyir: “Ey Rəsulullah, edəcəyim bir işdən ötrü səndən üzr istəyirəm. Mən Musa ibn Cəfəri (ə) həbs edib zindana atmaq istəyirəm. Çünki o, sənin ümmətin arasında ixtilaf yaratmaq və onların qanının tökülməsini istəyir.” (“Əl-irşad”, s. 280.) Camaat imam Kazimi (ə) Rəsulullahın (s) övladı bildikləri üçün Harun məsələnin zahirini belə qurur. O, Rəsulullahdan (s) üzr istəməklə gördüyü işi yozmaq istəyirdi. Harun həmin yerdə imam Kazimin (ə) həbs olunma əmrini verir. Beləliklə, iki karvan hazırlanıb birinin Kufəyə, digərinin isə Bəsrəyə tərəf yollanmasına göstəriş verilir. O, İmamı bu karvanların biri ilə yola salır. Bunu görməkdə məqsədi o olur ki, camaat İmamın harada həbs olunduğunu bilməsin. Əbül-Fərəc İsfahani bunu nəql etdikdən sonra yazır: “Harun imam Kazimi (ə) Bəsrə hakimi İsa ibn Mənsurun yanına göndərir. İmam bir müddət onun zindanında qalır, amma İsa bu işdən yorulub İmamı başqa birinə təslim etmək üçün Haruna bir məktub yazır və onu digər bir şəxsə təhvil verməyəcəyi təqdirdə, İmamı sərbəst buraxacağını söyləyir. Çünki İsa bu müddət ərzində İmamın əleyhinə bir dəlil tapmaq üçün çox çalışsa da, bir dəlil tapa bilmir.” Ən maraqlısı odur ki, İsa öz məktubunda belə yazır: “Hətta o, Allaha dua etməklə məşğul olduğunda da sənin və ya mənim haqqımda qarğış edib-etmədiyini öyrənmək üçün İmamın dualarını dinləyirdim, amma o, həmişə Allahdan özü üçün rəhmət və bağışlanmaq diləyirdi.” (“Məqatilut-talibiyyin”, Əbül-Fərəc İsfahani, s. 335.) Ondan sonra İmam (ə) Fəzl ibn Rəbiyə təslim edilir. İmam (ə) uzun müddət onun zindanında qalır. Fəzldən İmamı (ə) öldürməsini istəyirlər, ancaq o, bu işdən boyun qaçırır. Ondan sonra İmamı (ə) Fəzl ibn Yəhyaya təslim edirlər. İmam (ə) bir müddət də onun zindanında qalır. Tarixçilərin nəqlinə görə, Fəzl ibn Yəhya İmama (ə) hörmətlə yanaşırdı. İmam Kazimin (ə) orada sərbəst olması Haruna xəbər verilir. Harun bu zaman “Rəqqə” şəhərində idi. Harun bu xəbəri eşitcək əsəbiləşir və xəlifəyə qarşı üsyan etdiyinə görə həmin məclisdə Fəzl ibn Yəhyaya lənət və qarğış edilməsini əmr edir. Bu işə görə, Fəzl ibn Yəhyaya yüz qırmanc da vurulur. Həmin hadisədən sonra, imam Kazim (ə) Sindi ibn Şahiq adlı bir zindançıya təhvil verilir. Yəhya ibn Xalid bu hadisədən narahat olaraq Harunun yanına gedir. Fəzlin törətdiyi hadisəyə görə üzr istəyərək İmamı (ə) Sindi İbn Şahiqin əli ilə şəhid edir və beləcə, Harunun istəyini yerinə yetirir. (“Kəşful-ğummə fi mərifətil əimmə”, Əli ibn İsa İrbili, c. 2, s. 234.)

Dua 04.02.2025

Ziyil üçün oxunan dua 

Ziyil üçün oxunan dua  “Tibbul-Əimmə” (s.109) kitabında nəql edilən və İmam Rzaya (ə) nisbət verilən bir hədisdə deyilir: Əli ibn Nöman adlı bir şəxs İmam Rzadan (ə) onun bədənini narahat edən ziyillər barədə kömək istəyib və İmam (ə) ona belə bir məsləhət verib: “Ziyilin hər biri üçün yeddi dənə arpa götürüb, onun hər bir dənəsinə “Vaqiə” surəsinin (56-cı surə) ilk beş ayəsini və həmçinin “Taha” surəsinin (20-ci surə) 105, 106 və 107-ci ayələrini yeddi dəfə oxu. Sonra arpa dənələrinin hər birini bir ziyilə sürtüb onu paçra ilə bağla. Daha sonra həmin parçanın içinə dağ bağlayıb quyuya at. Ziyilə sürtülmüş arpa dənələrini daş bağlanmış parçanın arasında quyuya atdıqdan sonra isə Ənbiya surəsinin 30-cu ayəsini tilavət et. Bu işin (qəməri) ayın axır günlərində edilməsi daha məsləhətlidir. (56-cı surə) ilk beş ayəsi (Bismillahir rəhmanir rəhim İza vəqəətil vaqiəh 1. Ləysə ləvəq`ətiha kazibəh 2. Xafizə-tun rafiəh 3. İza ruccətil ərzu rəcca 4. Və bussətil cibalu bəs-sa 5. Fəkanət həbaən munbəssa) “Taha” surəsinin (20-ci surə) 105, 106 və 107-ci ayələri Bismillahir rəhmanir rəhim Yəs`əlunəkə ənil cibali fəqul yənsifuha rəbbi nəsfa, fəyəzə-ruha qaən səfsəfa, la təra fiha ivəcən və la əmta. Ənbiya surəsinin 30-cu ayəsi Bismillahir rəhmanir rəhim Əvələm yəral ləzinə kəfəru ənnəs səməvəti və l ərza kənətə  ratqan fəfətəqnə humə və cəəlnə minəl mə i kullə şəyin həyyin əfələ yu min Ziyil üçün başqa dua Başqa rəvayətə görə isə bədənində zigil xalları olan şəxs, duz götürsün, duzu zigilə sürtərək Həşr surəsinin 21, 22, 23 və 24-cü ayələrini üç dəfə oxusun və duzu təndirə atsın. Həşr surəsinin 21, 22, 23 və 24-cü ayələri Bismilləhir Rahmənir Rahim Ləv ənzəlnə həzəl Quranə alə cəbəlin ləraəytəhu xaşiən mutəsaddiən min xaşyətilləh. Və tilkəl əmsəlu nədribuhə linnəsi ləalləhum yətəfəkkərun. Huvallahulləzi lə iləhə illə hu. Alimul ğaybi və şəhədəh. Huvər Rahmənur Rahim. Huvallahulləzi lə iləhə illə hu. Əl Məlukul Quddusus Sələmul Muminul Muhəyminul Azizul Cəbbərul Mutəkəbbir. Subhanəllahi ammə yuşrikun. Huvəllahul Xaliqul Bəriul Müsəvvirul ləhul əsməul hüsnə. Yusəbbihu ləhu mə fis səməvəti vəl ərd. Hə huvəl Azizul Hakim.

Müsəlmanın həyat tərzi 04.02.2025

SÜFRƏ İLƏ BAĞLI 12 QAYDA

İmam Həsənin (ə) süfrə haqqında buyurduqlarından: https://ia904704.us.archive.org/3/items/sufr-haqqinda-12-qayda/sufrə%20haqqında%2012%20qayda.mp3 “Süfrə ilə bağlı on iki məsələ var ki, hər bir müsəlman onları bilməlidir. Bunlardan dördü fərz,” dördü müstəhəb, dördü isə ədəb qaydasıdır. Fərz olan dörd məsələ bunlardır: Allahı tanımaq, Allahın razılığı, “Bismillah” demək (Allahı xatırlamaq) və “Əlhəmdu lillah” demək (şükür etmək) Müstəhəb olanlar bunlardır: yeməkdən qabaq əli yumaq, sol tərəfi üstə oturmaq, üç barmaqla yemək və (əllə yeyilərsə) barmağı yalamaq. Ədəb qaydaları isə bunlardır: öz qabağındakı yeməklərdən yemək, kiçik tikələr götürmək, yaxşı çeynəmək və başqalarının üzünə az baxmaq”,” Əl-Fəqih c.3 səh 359

Makaleler 04.02.2025

İki nümunəvi xanım

İki nümunəvi xanım Quranda nümunə göstərilən iki zərif məxluqun həyatı və imanı məni çox düşündürür. Həqiqətən, düşündükcə adam heyrətlənir: 1. Asiyə xanım Quranın nümunəvi möminlər sırasında əzəmətlə yad etdiyi müvəhhidlərdən biri Fironun həyat yoldaşı Asiyə xanımdır. O, tarixin küfr bataqlığında “Mən sizin uca rəbbinizəm” deyəcək qədər tənəzzül etmiş mənfi şəxsiyyətinin həyat yoldaşı ola-ola Haqq-taalaya iman gətirmiş, çox uca bir məqama yetişmişdi. Allah onu xilas edərək Cənnətdə məskunlaşdırmışdır. Fironun həyat yoldaşı olmaq, onun hakimiyyəti altında, ən yaxınında yaşamaq Asiyə xanımın imanına təsir etməmişdir: “(Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkdi. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!” – demişdi” 2. Səba hökmdarı Bilqeyis xanım Quranda günəşpərəstlikdən dönüş edən Bilqeyis xanım nümunəsi var. O, çox zəngin hökmdar olub. Amma sərvəti, şahlığı, firavan həyatı iman gətirməsinə mane olmayıb. Quranda şanapipiyin dilindən Bilqeyis xanımın səltənəti haqqında belə deyilir: “Ona (dünyada şahlara lazım olan) hər şey verilmişdir. Onun çox böyük (əzəmətli) bir taxtı vardır…” Bütün bunlarla yanaşı yırtıcılığı şücaətdən, qorxunu ehtiyatdan, nadanlığı ağıldan ayıra bilən, haqq qarşısında tabe olmamanın cəsarət, şücaət və qüdrət deyil, təcavüz və yırtıcılıq olduğunu yaxşı başa düşən Bilqeyis xanım Süleymanla (ə) söhbət etdikdən sonra deyir: “İlahi, mən sənə sitayiş etməməklə özümə zülm etmişəm, Süleyman sayəsində müsəlman olub sənə doğru gəlirəm”. Fironun, Nəmrudun yandaşları, eyni kateqoriyadan olanlar daha ağıllı idi, yoxsa böyük Yəmən ölkəsinin hökmdarı olan bu xanım? Onun çox kişi rəhbərlərdən ağıllı olduğu göz qabağındadır. O, bilirdi ki, şücaət yırtıcılıq deyil, haqqa tabe olmaqdır. Bu üzdən “Başqa yerdən olan peyğəmbərlərin sözünü qəbul etmirəm” demədi. Çünki qeyd olunan xüsusiyyət yırtıcı xüsusiyyətidir. Allah bu insanları bizə nümunə gətirir. And olsun Allaha, heç kəsin bəhanə edəcək, haqdan qaçış yeri olmayacaq. İman gətirmək təkcə kasıb-kusubun işidir, mənim şəraitim elə idi ki, haqq mənə çatmamışdı, başqa millətin peyğəmbəri mənə lazım deyil, din-filan hamısı boş şeydir, inanmıran, filan, hamısı cəfəngiyatdır. Allah bütün bəhanə yollarını bağlamadan cəza verməz. Hər kəs öz-özlüyündə harada yalan danışdığını da, harada yaltaqlıq etdiyini də, harada özünü aldatdığını da, ən azı gün ərzində dəfələrlə duyur. İçərisindən bir vəhy ona xatırlatma edir. Ən ağır günah insanın özünü aldatması, özünə zülm etməsidir. Bütün günahlar buradan başlayır, özünə zülm edən adam hər kəsə zülm edər. Əgər bir adam riyakarcasına kimisə tərifləyirsə, əmin olun, fürsət düşən kimi birinci təriflədiyi adamı əzəcək. İllərlə Lenin baba şeiri demiş, mahnısı oxumuş adamlar uçurdu Leninin heykəlini. Hər gün rəisinin, müdirinin, nazirinin qarşısında ikiqat əyilən adam fürsət düşəndə ilk xəyanət etdiyi də məhz həmin adam olur. Ən çox o danışır, ən çox o, təpik vurur, ən çox o satır, ən çox o, üzə durur. @ Hacı Famil Burhanoğlu

Müsəlmanın həyat tərzi 04.02.2025

Süfrənin ədəb-ərkanı

 Sual: Lütfən, yemək və içməyin ədəb-ərkanını qeyd edin! https://ia904707.us.archive.org/27/items/sufrede-eylesme-qaydalarai/sufrede%20eylesme%20qaydalarai.mp3 Cavab: Bu barədə hədis və rivayətlərdə çox sayda qaydalar nəql olunmuşdur. Aşağıda onlardan bəzisini qeyd edirik: Yeməkdən əvvəl və sonra əlləri yumaq və dəsmalla qurulamaq. Süfrə sahibinin hamıdan əvvəl başlaması və hamıdan sonra yeməkdən əl çəkməsi. Yeməkdən əvvəl əlləri yuyarkən süfrə sahibinə növbə çatanadək sol tərəfində olanların əllərini yuması. Yeməyə başlamadan əvvəl “Bismillah” demək. Əgər süfrədə müxtəlif nemətlər varsa, hər neməti yeyərkən hər birinə ayrıca “Bismillah” demək müstəhəbdir. Sağ əllə, üç və daha çox barmaqla yemək. İki barmaqla yemək tərk olunsun. Əgər süfrədə bir dəstə adam əyləşibsə, süfrədə qarşısında olan nemətlərdən yesin, başqalarının qabağına qoyulmuş xörəklərdən yeməsin. Loxmaları kiçik götürsün, tələsik yeməsin, süfrə ətrafında uzun müddət əyləşsin və xörəyi çox çeynəsin. Yeməkdən sonra Allaha həmd etmək. Yeməkdən sonra dişləri təmizləmək. Amma reyhan, nar, xurma yarpağının lifi və qamış ilə dişlərini təmizləməsin. Səhrada və çöllükdə olmadıqda süfrənin kənarına düşmüş xörək qırıntılarını yığıb yemək. Səhrada və çöllükdə olduqda isə xörək qırıntılarını heyvanlar və quşların yeməsi üçün tərk etmək müstəhəbdir. Səhər va axşam yemək yesin və onların arasında yeməyi tərk etsin. Yeməkdən sonra arxası üstə uzanaraq sağ ayağı sol ayağın üstünə qoymaq. Yeməyi duzla başlayıb, duzla da bitirmək. Meyvəni yemədən əvvəl su ilə yumaq. Tox qarına yeməmək. Doyunca yeməmək. Yemək yeyərkən insanların üzünə baxmamaq. Xörəyi həddindən artıq isti olduğu halda yeməmək. Yemək və ya içəcəyi üfürməmək. Süfrəyə çörək qoyulduqdan sonra yemək üçün başqa qidanı gözləməmək. Çörəyi bıçaqla kəsməmək. Çörəyi qabın altına qoymamaq. Sümük üzərində olan əti tamamilə təmizləyib yeməmək və üzərində (heyvanlar üçün) bir az ət saxlamaq. Qabıqla yeyilən meyvə və tərəvəzin qabığını soymamaq. Meyvəni tamamilə yemədən atmamaq. Su içərkən bir dəfəyə deyil, soraraq içmək. Gündüz suyu ayaq üstə içmək. Amma geçə ayaq üstə deyil, oturaq halda içmək. Su içmədən əvvəl “Bismillah” demək, qurtardıqda isə Allaha həmd-səna  etmək. Suyu üç dəfəyə iştahla və ləzzətlə içmək. Su içərkən İmam Hüseyni (ə) və əhli-beytini xatırlamaq və su içdikdən sonra qatillərinə lənət demək. Çox su içməmək. Yağlı yeməkdən birbaşa sonra su içməmək. Qabın çartlaq yerindən və qulp tərəfindən su içməmək. Sol əllə su içməmək.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...