Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Cəfər Sadiq (ə) 25.01.2025

İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat

Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam) anası isə Ümmü-Fərvə olmuşdur. İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır. İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir. İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur: Hişam ibn Əbdülməlik (105-125 h.q); Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q); Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q); İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü); Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q); Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur: Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q); Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);

İmam Muhəmməd Baqir (ə) 25.01.2025

İmam Məhəmməd Baqirin (ə) şəhadətindən sonra ağır imamət yükü həzrət imam Sadiqin (ə) üzərinə düşdü

O həzrətin imamət dövrü İslam dünyasının siyasi, ictimai cəhətdən ən keşməkeşli və ağır dövrünə təsadüf etdi. 1. İmam Sadiq (ə) iki nəsil xəlifələri: Mərvanilər və Abbasilərdən olan, İslama, xüsusən də şiələrə zülm etməkdə bir-birləri ilə yarışan on iki zalım xəlifə ilə üzləşdi. 2. İslam dininin müsəlmanları elm və biliyə təşviqi, İslam hökumətində fikir və əqidə azadlığı nəticəsində müsəlmanlar İslam elmlərini öyrənməkdən əlavə, fəlsəfə, nücum, riyaziyyat və s. elmləri də öyrənir. Amma bu elmləri öyrədənlərin çoxu qeyri-müsəlman olduğu üçün bu elmlər İslama varid olmaqla yanaşı, özü ilə çoxlu şübhələr də gətirdi. 3. Özlərini Peyğəmbər (s) canişini adlandıraraq xilafəti qəsb edənlər öz qeyri-şəri, qeyri-əxlaqi, qeyri-insani əməllərini, amansız zülmlərini, törətdikləri cinayətləri ört-basdır etmək, camaatın fikrini yayındırmaq və başlarını özlərinə qatmaq üçün xalq arasında puç, yanlış və əssasız əqidələr yayırdılar, bununla da əhli-beytdən (ə) uzaq düşmüş müsəlmanlar arasında müxtəlif firqələr yaranır və bu firqələrin bəziləri siyasi məqsədlər güdürdülər. İmam Sadiqin (ə) siyasi həyatına nəzər saldıqda aydın olur ki, o həzrət İslama daxil olan şübhələrə, Allah dini ilə uyğun olmayan əqidələrə cavab vermək və həqiqi dini üzə çıxarmaq üçün yaranmış fürsətdən yetərincə istifadə edə bilmişdir. O, elmi mərkəz təsis edərək dünyanın hər tərəfindən axışıb gələn elm təşnələrini müxtəlif elmlərdə təlimləndirməklə kifayətlənməmiş, siyasi meydanda da lazımi addımlar atmış, öz ilahi siyasəti ilə Peyğəmbərdən (ə) sonra ağır təzyiqlərə, əzab-əziyyətlərə məruz qalmış, müaviyyələr, yezidlər, həccaclar və s. görmüş şiələri bu siyasi qarşıqlıqda qorumağa, siyasi oyunların qurbanı olmamağa, firqələrə bölünməklərinin qarşısını almağa, möhkəmləndirməyə çalışmışdır. Həmin dövrdə şiələrin vəziyyətini imam Məhəmməd Baqirin (ə) dilindən eşitdikdə imam Sadiqin (ə) qarşısında hansı ağır vəzifələrin dayandığı və bu vəziyyətdən çıxmaq üçün o dövrün siyasi durumunu nəzərə alaraq imam Sadiqin (ə) yeritdiyi siyasi tədbirin necə də yerində olduğu aydınlaşır. İmam Məhəmməd Baqir (ə) buyurur: “İmam Həsənin (ə) şəhadətindən sonra şiələrin vəziyyəti və onların didərginliyi olduqca acınacaqlı halda idi. Müaviyyənin pis və sərt rəftarı öz həddini aşmışdı. Şiələr hər tərəfdə öldürülür, güman əsasında ayaqlar kəsilirdi. Bizimlə əlaqə saxlayanların ən yüngül cəzası onların var-yoxunun talanması, evlərinin viran olunması idi… Sonra Həccac qüdrət sahibi oldu. O, şiələri ən pis şəkildə qətliam edir, güman və böhtan əsasında onları həbs edirdi. Onun zamanında təzyiqlər elə bir həddə çatmışdı ki, camaat onlara zındıq və kafir deyilməsinə razı idi, amma Əli (ə) şiəsi deyilməsinə yox.” İmam Sadiqin (ə) siyasi fəaliyyətlərindən nümünələr 1. İmamətin təblği Artıq İslamın əhatəsi Ərəbistan yarmadasını adlamış, müxtəlif qonşu ölkələrə yayılmışdı. İslam dinini qəbul edən millətlərin çoxu, onda olan bərabərlik, ədalət, mərhəmət və s. kimi gözəlliklərin vurğunu olaraq, İslama üz tutmuşdular. Amma Peyğəmbərin (s) vəfatından yarım əsr keçməsinə baxmayaraq, o həzrətin yerində oturan canişinlərin İslamdan bəhrələnmədiklərini, Qüran göstərişlərinə və Peyğəmbər (s) sünnəsinə əməl etməmələrini, bərabərlikdən, ədalətdən və s. yalnız ad qaldığını görən, İslamdan hələ də dəqiq məlumatları olmayan müsəlmanların yavaş-yavaş etiraz səsləri ucalır. Onlar İslama şübhə ilə baxmağa, onun Allahın göndərdiyi din yox, istismar üçün yeni qurğu olduğunu düşünmyə və İslam ilə qarşılaşmağa başlamışdılar. Bu zaman imam Sadiq (ə) İslamın ümumi mənafeini nəzərə alaraq, İslamın həqiqi bir din olmasını, lakin onun İslam düşmənlərinin əlinə düşməsini anlatmaq, yavaş-yavaş ucalan etiraz səslərini İslama yox, İslam xilafətini qəsb edənlərə yönəltmək üçün öz imamətini təbliğçilər vasitəsilə İslam hökumətinin hər tərəfinə yayırdı. Əlbəttə, bəziləri imamı (ə) qəbul edir və imamın (ə) itaətində olduqlarını bildirir, bəziləri ehtiyat edir, bəziləri isə heç cür qəbul etmirdilər. İmamətin həm İslam mərkəzində, həm də mərkəzdən xaricdə təbliği, imamın (ə) siyasi fəaliyyətinin genişliyindən xəbər verir. 2. İmam Sadiqin (ə) dönəmində iki böyük silahlı qiyamın baş verməsi və o həzrətin bu qiyamlara münasibəti Imam Sadiqin (ə) imaməti dövründə Mərvanilərə qarşı olan Zeyd ibn Əlinin (ə) və Abbasilərin iki böyük qiyamları baş verdi. Amma bu qiyamların heç birində bir siyasi rəhbər kimi imamın (ə) iştirakı gözə dəymir. Görəsən imam (ə) nə üçün bu fürsətləri əldən vermiş və hakimiyyəti öz əlinə almağa çalışmamışdır? Zeydin qiyamı Əməvilərin və Mərvanilərin davamlı zülmünə dözməyib hökumətə qarşı qiyama qalxmış Zeydin qiyamını tədqiq edən hər kəs, bu qiyamın həqiqətdə imam Sadiqin (ə) icazəsi ilə olduğunu görər. Çünki, imam Sadiqi (ə) özünə imam bilən və qalib gələcəyi təqdirdə hökuməti o həzrətə verəcəyini düşünən Zeyd kimi təqvalı bir alimin, imamın (ə) icazəsi olmadan qiyama başlaması mümkün deyil. İmam Rizadan (ə) gəlib çatan bir hədisdə oxuyuruq: “…Zeyd, imamın (ə) xidmətiindən getdi. İmam (ə) o vaxt buyurdu: Vay olsun o kəsin halına ki, onun (Zeydin) çağırışını eşidə, amma ona köməyə tələsməyə.” İmam Sadiqdən (ə) Zeyd barədə nəql olan bir rəvayətdə oxuyuruq: “Allah onu rəhmət etsin. O,mömin,arif, alim və doğruçu bir şəxs idi. Əgər qalib gəlsəydi öz əhdinə vəfa edəcəkdi, hökuməti ələ keçirdikdə onu kimə tapşıracağını yaxşı bilirdi.” Bu kimi bir çox hədislər və tarixi məlumatlar, Zeydin qiyamının imam Sadiq (ə) tərəfindən qəbul edildiyini bildirir. Lakin özünün bünövrələri titrəməkdə olan hökumətini əldə saxlamaq üçün bütün vasitələrə əl atan, əhli-beytin (ə) ümmət arasındakı nüfuzundan qorxaraq həmişə onları nəzarətdə saxlayan, hər bir kicik hərəkətlərinə belə göz qoyan, diqqətlə izləyən, azca güman əsasında onlara və tərəfdarlarına ağır cəzalar verən, əhli-beyti (ə) məhv etmək üçün bəhanə axtaran Mərvanilərin əlinə bəhanə və fürsət veməmək üçün bu qiyam ehtiyatla irəliləməli və imamın (ə) bu qiyama müdaxiləsindən heç kimin xəbəri olmamalı idi. İmamın (ə) bu qiyamda aşkar iştirak etməməsinin səbəblərindən biri də hələ də müsəlmanların imaməti yaxşı başa düşməməsi, imamət yolunda qiyam edə biləcək qədər yetişməmələri və imamı yalnız öz siyasi və dünyəvi mənfəətləri üçün himayə etmələri idi. Uzun illər boyu Şam ilə ticarət yolları uğrunda mübarizə aparan kufəlilər, imam Hüseyni (ə) Kufəyə dəvət etmiş, lakin Yezid hökumətinin qorxusundan və qəbilə başçılarının dünya malına aldanması üzündən imamı (ə) himayə etmək əvəzinə, o həzrətə qarşı müharibəyə qalxdılar. Əvvəlcə Zeydi himayə edəcəklərini bildirən kufəllilər, Yusif ibn Əmrin qoşununun müharibəyə hazırlaşdığını eşidəndə bəhanə ilə Zeydi tərk etdilər. İmam Sadiq (ə) bunların hamısını bilir, ona görə də heç bir rəhmi olmayan, Zeydin başını bədənindən ayırıb, dörd il dar ağacında camaatın gözü qarşısında saxlayan, sonra isə yerə salaraq od vuranların əlinə bəhanə vermək istəmir, əhli-beyti (ə) və bir ovuc olan həqiqi şiələri qorumaqla Allah dinini qorumağa çalışırdı. Abbasilərin qiyamı İmam Sadiqin (ə) dövründə baş verən ikinci qiyam Abbasiərin qiyamıdır. Qiyamın başlancığına nəzər saldıqda, zahirən belə görünür ki, imam (ə) üçün qiyam etməyə burada daha əlverişli və geniş fürsət yaranmışdır. Belə ki, qiyam etmək istəyənlərin ilk məktubları Abbasilərə yox, o dövrdə böyük siyasi rəhbər, məzhəb başçısı və camaat arasında ən nüfuzlu şəxs olan, imam Sadiqə (ə) ünvanlanmış, o həzrətin bu böyük qiyama rəhbərlik etməsi xahiş olunmuşdu. Amma bir-birinin ardınca gələn məktublara müsbət cavab verməyən imam (ə), hətta onları gətirənlərin gözü qarşısında məktubları yandırmaqla bu qiyama qarşı münasıbətini bildirmişdir. Hətta Mərvanilərə qarşı qələbənin nişanələri aşkar göründüyü zaman imam (ə) qiyama rəhbərlik etmək üçün ona göndərilən məktuba müsbət cavab vermədi. Nə üçün imam Sadiq (ə) Abbasilərin qiyamında iştirak etmədi? Qiyam edənlərin niyyətlərini araşdırdıqda, o həzrətin bir imam və siyasi rəhbər kimi bu qiyamda iştirak etməməsinin səbəbləri aydınlaşır, onun nə qədər uzaqgörən bir siyasətçi olduğu və bu siyasi meydanın qalıbi olduğu məlum olur. İmam Sadiq (ə) bu qiyamın rəhbərlərinin hökuməti ələ almaqdan başqa bir niyyətlərinin olmadığını və yalnız camaatın diqqətini özlərinə cəlb etmək, bu vasitə ilə onlardan dəstək almaq üçün imamı (ə) önə çəkmək istədiklərini yaxşı bilirdi. O həzrət, Əbu Müslim kimilərinin imamətə etiqadlı olmadığını bilir, ona görə də qiyama rəhbərliyi öhdəsinə götürmür və hətta əmisinə də “Nə vaxtdan Xorasan camaatı sənin tərəfdarın olubdur? Əbu Müslümü sən onların yanına göndərmisən? … Mən hər bir müsəlmanın xeyrini düşünməyi özümə vacib bildiyim halda necə olar ki, sənin xeyrini istəməyim?”- deyərək qiyamdan çəkindirirdi. Məlum olduğu kimi Abbasilər hakimiyyətə gəldikdə ilk qarşılaşdıqları şəxslər, qiyamda öz şərikləri sayılan imam Həsənin (ə) övladları oldu. İmam Sadiq (ə), öz rəhmsizliyində Həccacdan geri qalmayan, güman əsasında nəsilləri məhv edən Əbu Müslüm, onun sifarişçiləri kimi zülmkarlarla dövləti idarə edə bilərdimi? Tarixi dəlillərə görə, Abbasilər öz hakimiyyətlərini qorumaq üçün Əbu Müslimin əli ilə 600000 nəfəri qətlə yetirmiş, boyu “beş qarış” olan körpə uşaqlara belə rəhm etməmişdilər. İslam adından çıxış edərək, Məhəmməd (s) ailəsinin razılığını özlərinə şüar etmiş Abbasi qiyamçılarının özləri İslam göstərişlərinə əməl etmir, Məhəmməd (s) ailəsinə əziyyət verməkdən çəkinmirdilər. İmam Sadiq (ə) isə ümmətin fikri və əməli vəziyyətini bilirdi, siyasi və ictimai şəraitdən tamamilə xəbərdar idi. O həzrət qiyama başlamaq üçün öz imkan və məhdiyyətlərini nəzərə alırdı. İmam (ə) bilirdi ki, qiyam edərək təkcə hakimiyyəti ələ almaq kifayət deyil. Bu işdə imama itaət edərək hakimiyyəti İslam qanunları çərçivəsində idarə edə biləcək saleh insanlara ehtiyac var və onlar da hələ lazımi həddə çatmamışdır. Qiyamdan öncə belə şəxsləri yetişdirmək lazım idi. İmamın (ə) Sədir Seyrafi ilə söhbətində bu səbəb tamamilə öz əksini tapmışdır: İmamın (ə) xidmətinə gələn Sədir, o həzrətin qiyama qalxmasını istəyir və deyir: “Sənin çoxlu dostların və köməkçilərin var”. İmam (ə) ondan bunun sayını soruşduqda, Sədir onların 100000, sonra 200000, daha sonra isə dünyanın yarısı qədər olduğunu deyir. İmam (ə), Sədirdən onunla bir yerə getməsini istəyir və ora çatdıqda əli ilə otlaqda otlayan bir dəstə keçiyə işarə edib: “Əgər mənim bunlar qədər dost və tərəfdarım olsaydı heç vaxt yerimdə oturmaz, qiyama qalxardım”, deyə buyurur. Bəli, imam Sadiq (ə) siyasət və hökumətə tövhid nəzəri ilə baxırdı. O həzrət hakimiyyətə gəldikdə Qüran göstərişlərinə əməl edilməli, ədalət və Peyğəmbər (s) sünnəsi bərpa olunmalı idi.İmamın (ə) nəzərincə siyasət və hökumət qurluşu iqtisadi və ictimai işlərdə idarə etmə, əmniyyət və asayişin təminindən əlavə, insanların mənəvi əxlaq və rəftarlarını da öz öhdəsinə götürməlidir. Amma bunların heç birini “hökumət sonsuzdur” deyib, fikir və güclərini təkcə öz hakimiyyətlərini əldə saxlamaq üçün sərf edən, bunun üçün əmisinə, qardaşına, övladına, körpəyə belə rəhm etməyən kimsələrlə birləşib, qiyam edib hakimiyyət qurmaqla ələ gətirmək olmazdı. Bəlkə üstəlik zərərlər də görəcəkdi. İmam Sadiq (ə) yaranmış fürsətdən istifadə edərək, öz siyasət və tədbirləri ilə İslam elmlərinin dərinliklərini açıqladı, onun və tələbələrinin vasitəsi ilə İslamda düzgün əqidələr öz yerini tapdı. O həzrət, şiə məzhəbini elə möhkəmləndirməyə və istiqamətləndirməyə müvəffəq oldu ki, indinin özünə qədər həqiqi İslam və doğru yol bu məzhəbdə axtarılır.

İmam Cəfər Sadiq (ə) 25.01.2025

İmam Sadiqin (ə) möcüzələrindən

DÖRD QUŞU DİRİLTMƏK İmam Sadiqin(ə) möcüzələrindən söz açmazdan öncə Həzrəti İbrahimin (ə) möcüzəsinə diqqət edək: Həzrəti İbrahim(ə) Allah-təalaya belə xitab etdi: Pərvərdigara! Mənə göstər ki ölüləri necə dirildirsən. Allah-təala buyurdu: Dörd dənə quş tut və ətlərini bir-birinə qatışdır. Sonra hər tikəsini bir dağın üstünə qoy. Sonra da onları öz yanına çağır, sürətlə sənin yanına gəlsinlər. Yusif ibn Zibyan deyir: Camatla birlikdə, İmam Sadiqin (ə) yanında idim. Ondan Allah-təalanın İbrahimə buyrduğu söz barəsində sual etdim. Sualım bundan ibarət idi ki, görəsən o quşlar hamısı bir növdən idilər ya müxtəlif növlərdən idilər. İmam (ə) buyurdu: İstəyirsən o dörd quşun dirilməyini sənə göstərim? Dedim: Bəli. O zaman İmam (ə) buyurdu: Ey Tovuz! Tovuz quşu onun yanına gəldi. Sonra qarğanı çağırdı və qarğa onun hüzuruna gəldi. Sonra qırğını çağırdı, qırğı da gəldi. Nəhayət, göyərçini çağırdı, göyərçin də İmamın hüzuruna gəldi. İmam əmr etdi ki, onların başını kəssinlər, qanadlarını yolsunlar və ətlərini tikə-tikə edib, bir-birinə qarışdırsınlar, sonra İmam (Ə) tovuzun başını tutdu və biz gördük ki, onun əti sümüyü və qanadları başqa quşlardan ayrılıb ona birləşdi və tovuz quşu həzrətin qarşısında dayandı. (Mənaqib, 3-cü c.) Bundan sonra qarğanı, qırğını və göyərçini nida etdi, onlarda İmamın qarşısında hazır oldular. Beləcə İmam (ə) bu quşları diriltdi. UZAQ MƏSAFƏNİ GÖRMƏK Əbu Bəsir deyir: İmam Sadiqin (ə) yanında idim, istəyirdim bəzi hacətlərimi ondan istəyim. İmam (ə) mənə buyurdu: Niyə səni belə kədərli görürəm? Ərz etdim: İraqa vəba xəstəliyinin gəlməsi xəbərindən və ailəmin orada olmasına görə kədərliyəm. İmam (ə) buyurdu: Üzünü çevir! Üzümün çevirdim, sonra buyurdu: Öz evinə daxil ol, daxil oldum və gördüm bütün ailəm böyükdən-kiçiyə qədər hamısı evdə salamatdırlar. Evdən bayıra çıxdım. O zaman İmam (ə) mənə buyurdu: Üzünü çevir, üzümü çevirdim və artıq gördüklərimini heç birini müşahidə etmədim. SU BULAĞININ YARANMASI Davud Nili deyir: İmam Sadiq (ə) ilə birlikdə həcc əməllərini yerinə yetirmək üçün Allahın evi tərəfinə hərəkət edirdik. Zöhr namazın əvvəl vaxtı çatdı. İmam (ə) mənə buyurdu: Ey Davud yoldan qırağa çəkil, namaz üçün hazırlıq görək. Ərz elədim: Sənə qurban olum məgər bura susuz və bitkisiz olan bir yer deyilmi? İmam (ə) ayağını yerə sürtdü. Yerdən buz kimi soyuq bir bulaq suyu qaynadı. Bulaq suyu ilə dəstəmaz aldı. Mən də dəstəmaz alıb, vacib namazı qıldıq. (Biharul-Ənvar, 46-cı cild, səh.250- Biharul-Ənvar, 46-cı cild, səh. 344.) Hərəkət etmək istədiyimiz zaman gözüm qurumuş bir xurma ağacına toxundu. Həzrət buyurdu: Ey Davud! İstəyirsən bu qurumuş xurma ağacından sənə xurma verim? Ərz etdim : Bəli. Öz əli ilə xurma ağacına vurub, onu öz tərəfinə çəkdi və iki-üç növ xurma ondan yedik. Sonra əlini ona çəkib dedi: Allahın izni ilə əvvəlki halına qayıt və ağac yenədə öz qurumuş halına döndü. YERİN XƏZİNƏLƏRİNƏ TƏSƏLLÜT Dörd nəfər İmam Sadiqin (ə) şiələrindən deyirlər: Biz İmamın(ə) yanında idik. O, buyurdu: Bütün yerin xəzinələri və onların açarı bizim ixtiyarımızdadır. Əgər ayağımın altında olan bir tikə yerə desəm qızıllarını bayıra tök, tökəcək. O zaman ayağı ilə yerdə bir xətt çəkdi və yer ayrıldı və oradan bir külçə qızıl çıxardıb buyurdu: Yaxşıca buna baxın ki, şəkkiniz olmasın. Sonra buyurdu: Yerin içinə baxın! Baxdıq və orada üst-üstə yığılıb parıldayan çoxlu qızıl külçələrini müşahidə etdik. Səhabələrindən biri ərz etdi: Sənə fəda olum! Sizin bu qdər çoxluvar-dövlətiniz var, halbuki şiələriniz möhtacdırlar. İmam buyurdu: Allah dünya və axirəti bizim şiələrimiz üçün cəm edib, cənnətə daxil edəcək. Bizim düşmənlərimizi cəhənnəmə vasil edəcək.  (Biharul-Ənvar, 47-ci cild, səh.11.) MƏHDİNİN(Ə) DOSTLARININ MÜŞAHİDƏSİ Əbu Bəsir deyir: İmam Sadiqin(ə) yanında idim, Xorasanlı bir kişi də orada hazır idi. O, mən başa düşmədiyim bir dildə danışırdı. Sonra bir şey dedi, mən onu başa düşdüm. Eşitdim ki, imam(ə) buyurur: Ayağını yerin üzündə tərpət. Birdən özümü bir yerdə gördüm ki, orada atlılalar başlarını atlarını yəhərinə söykəmişdilər. İmam (ə) buyurdu: Bunlar Məhdinin(ə.c) səhabələrindəndir. (Bəsairüd-dərəcat, 8-ci hədis, 12-ci bab, səh.119.) HEYVANLARIN DİLİNİ BİLMƏK Salim deyir: Biz İmam Sadiqin (ə) evinin həyətində idik. Sərçələr cikkildəşirdilər. Həzrət buyurdu: Başa düşürsünüz nə deyirlər? Ərz etdik: Sənə fəda olaq! Biz ki, onların dilini bilmirik ta dediklərini başa düşək. Buyurdu: Deyirlər İlahi! Biz sənin məxluqatından biriyik və sənin rizqinə möhtacıq, bizi yedirdib, sirab et. KÖVSƏR HOVUZUNU GÖSTƏRMƏSİ Abdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) Kövsər hovuzu barəsində soruşdum. İmam (ə) buyurdu: Böyük bir hovuzdur. Bəsrə və Səna arası qədər. Onu görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum! İmam (ə), mənim əlimi tutub Mədinədən xaric etdi. O zaman öz ayağını yerə vurdu. Birdən axar bir çayı gördüm ki, onun sahili mənim durduğum yerdən başqa görsənmirdi və o, bir adaya oxşayırdı. Mən və İmam (ə) durduğumuz halda gözüm bir çaya toxundu ki, onun bir tərəfində qardan daha ağ olan bir su axırdı. Onun başqa tərəfində qardan ağ olan bir süd axırdı, ortada yaqutdan yaxşı olan bir şərab idi ki, indiyə qədər bu şərabdan gözəl bir şey görməmişdim ki süd və su arasında qərar tapsın. Ərz etdim: Sənə fəda olum! Bu çayın mənbəyi haradır və hansı tərəfə axıb gedir?! İmam (ə) buyurdu: Allah-təalanın öz Quran kitabında zikr etdiyi bu bulaqlar cənnətdə olan çaylardır və bu çaydan su, süd və şərab bulaqları axır. (Biharul-Ənvar, 47-ci cild, səh.139. – Bəsairud-dərəcat, 7-ci cild, 2-ci bab, səh. 109. Üsule-Kafi molode Əbi Əbdillah Cəfər ibn Mühəmməd (ə)) Çayın kənarında bir ağaclar gördüm ki, behişt huriləri özlərini onlardan asmışdılar. Onların bir hbrükləri var idi ki, o cür hörük indiyə qədər görməmişdim. Əllərində qablar var idi ki, onların gözəlliyində olan qab dünyada müşahidə etməmişdim. İmam (ə) onların birinin yanına yaxınlaşdı. İşarə etdi ki, ona su versinlər. Mən ona baxırdım. Çaydan su götürmək üçün əyildiyi halda ağacda onunla birlikdə suya tərəf əyildi. Qabı çaya salıb, su götürdü və ona verdi. O qədər dadlı idi ki, ömrümdə görməmişdim. Onun iyi müşk iyi idi. Qaba baxdığım zaman üç cür içməli rəng var idi. Ərz etdim: Sənə qurban olum heç vaxt bu gün gördüyüm kimi şeylər görməmişdim! İmam (ə) buyurdu: Bu ən az olan şeydir ki, Allah öz şiələri üçün hazırlayıb. Mömin vəfat etdiyi zaman ruhu bu çaya gəlir, bu çayın ətrafında olan bağlarda dincəlir və onun şərabından içir. Düşmənimiz vəfat etdiyi zaman ruhu bərəhut vadisinə gedib həmişəlik əzabda qalır və oranın «Zəqqum»undan (cəhənnəmdə acı meyvəsi olan bir ağacın adıdır) ona yedizdirəcəklər və onun qaynar içkilərindən ona içirdiləcək. Bu yerdə Allaha pənah aparın. (Əlamül-vəra, 268-ci səh. Biharul-Ənvar, 47-ci cild, səh.72.) BİR QEYBİ XƏBƏR Südeyr Seyrəfi deyir: Allahın rəsulunu (s) yuxuda gördüm ki, onun qarşısında dəsmal ilə örtülmüş bir qab var. Ona yaxınlaşdım və salam verdim. Həzrət mənim cavabımı verdikdən sonra, dəsmalı qabın üzərindən götürdü. Gördüm onun içində təzə xurma var. Onu götürüb, yeməyə başladı. Ona yaxınlaşıb dedim: Ya Rəsuləllah, Mənə də xurma verin! Mənə bir dənə xurma verdi. Onu yeyib yenədə ərz etdim: Ya Rəsuləllah! Mənə yenə də xurma verin. O yenə də mənə xurma verdi. Onu da yedim. Yeyən kimi yenə də istəyirdim, ta ki, səkkiz dənə götürüb yedim. Təzədən yenədə istədim. Həzrət buyurdu: Kifayətdir. Yuxudan durdum. O günün səhəri İmam Sadiqin (ə) hüzuruna yetişdim. Gördüm ki, onun qabağında üstü dəsmal ilə bağlı olan bir qab var. Yuxuda Rəsululahın yanında gördüyüm üstü bağlı xurma qabı kimi idi. İmam (ə) salam verdim. O, mənim cavabımı verdi. O zaman qabın üstündən dəsmalı götürdü. Mən təəccübləndim və ərz etdim: Sənə qurban olum! Mənə də xurma verin. O da mənə xurma verdi və mən yeyib, təzədən xurma istədim. Götürüb mənə verdi. Onu yeyib, yenə də istədim, ta səkkizinci xurmaya yetişdi o zaman yenə də istədim. İmam (ə) buyurdu: Əgər cəddim Rəsulullah sənə bundan çox versəydi, mən də verərdim. Həzrətin təbəssümü mənim yuxumdan xəbərdar olduğunu bildirirdi. (Bəsairüd-dərəcat, 7-ci cild, 14-cü bab, səh. 99. Biharul-Ənvar, 47-ci cild, 86-cı səh.) BƏRZƏX ALƏMİNDƏN BİR CİLVƏ Davud ibn Kəsir deyir: İmam Sadiqin(ə) evində idik. Peyğəmbərlərin fəzilətləri haqqında müxakirə edirdik. İmam(ə) bizim cavabımızda buyurdu: And olsun Allaha! Allah Mühəmməddən (s) üstün və fəzilətli bir peyğəmbər yaratmayıb, sonra üzüyünü çıxarıb, yerə qoydu və bir zikr dedi. Birdən yer Allahın qüdrəti ilə onun ortasında yaşıl rəngli bir gəmi var. Onun üstündə yazılmışdı. (La ilahə illillah, Mühəmməd rəsulullah, Əli əmirəl-möminin və bəşşir əl-Qaim…! 102) Qaimə (ə) müjdə ver ki, o düşmənləri ilə döyüşəcək, möminlərin fəryadına yetişəcək və Allah ona çoxlu mələk ilə kömək edəcək. 103 KORUN ŞƏFASI Əbu Bəsir ki, kor idi deyir: İmam Sadiqin (ə) dalınca gedirdim ta onun qolunu tutum. İmam(ə) buyurdu: Məni görmək istəyirsən? Ərz etdim: Bəli. Sənə fəda olum! O zaman həzrət əlini gözümə sürtdü. Birdən gözlərim onun vücudunu görməyə başladı. Sonra mənə buyurdu: Əgər camaatın söz-söhbəti olamsaydı, səni bu halda buraxardım. Amma belə eltməyim düz deyil. Sonra əlini gözümə sürtdü və əvvəlki kor halıma qayıtdım. (İxtisase Şeyx Müfid, səh. 325. – Əmaliye Şeyx Tusi, səh. 70. Biharul-Ənvar, 47-ci cild, səh. 64.) Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İMAM SADİQ (ə)

Allahın adı ilə Peyğəmbərin əzəmətli ağacının gövdəsindən ayrılmış, öz genişliyi və incəliyi ilə əql və hikmət sahiblərini heyrətə qoyan, islam dininin hüquq sistemini (fiqh) mükəmməl formada bəşəriyyətə təqdim edən, Cəfəri məzhəbinin banisi 6-cı imam Cəfəri Sadiqin (ə) hicri- qəməri tarixinin 83-cü il rəbiyul-əvvəl ayının 17-si (may ayının 19-da) təvəllüd günüdür. Həmin tarix həmçinin sevimli Peyğəmbərimizin (s) təvəllüd günü ilə üst- üstə düşür. Bu münasibətlə cəmi müsəlmanları təbrik edirik. O cənabın adı Cəfər,künyəsi Əbi Əbdillahdır. Onun bir neçə ləqəbi varki, ən məşhuru Sadiqdir. Atası 5-ci imam Məhəmməd Baqir (ə), anası isə Məhəmməd Əbu- bəkrin nəvəsi “Ümmü fərvə” adı ilə məşhur olan Fatimə xanımdır. Bu xanım dövrünün ən möhtərəm və nəcib qadınlarlndan olmuşdur. O həzrət imamət məqamına 34 yaşında olarkən çatdı. Və imamlığı 31 il davam etdi. İmam Cəfər Sadiqin (ə) həyatı islam aləminin ən mürəkkəb və çətin dövrünə təsadüf etmişdir. Çünki Əməvilər sülaləsi zəifləyib Abbasilər hakimiyyətə gəlirdi. Bu iki sülalənin başının mübarizəyə qarışması xalis islam fikrinin geniş təbliğ olunmasına şərait yaratmışdı. Belə bir məqamda imam cənabları Mədinə şəhərində müasir universitet formalı bir məktəb təsis etdi. Universitetdə üsul və fiqh (hüquq), fəlsəfə və kəlam, riyaziyyat, fizika, kimya, irfan və s fənləri tədris edilmiş və burada böyük alimlər yetişdirməyə nail olunmuşdur. Həmin alimlər mükəmməl təhsil aldıqdan sonra islam xilafətinin ən ucqar nöqtələrinə gedib öz biliklərini camaata çatdırmışlar. İmamın əzəməti, elmi, ad-sanı xalq arasında olan nüfuzu həmişə zəmanə hakimlərinin qorxutmuşdur. Onlar hər vasitə ilə çalışmışlarki, imamı (ə) hörmətdən salıb alçaltsınlar. Lakin bu məqsədlə hakimlər tərəfindən təşkil olunan elmi mübahisə və münazirə məclislərində İmam (ə) öz lədunni elmi ilə bübün müxaliflərinə qalib gəlib onları aciz qoyurdu. Nəhayət İmamı (ə) özləri üçün təhlükə görən Abbasi xəlifəsi Mənsur dəvaniqi o həzrəti zəhərli üzüm salxımı ilə zəhərlətmişdir. O cənab 65 yaşında şəhadət məqamına nail olmuş və Mədinə şəhərindəki bəqi qəbiristanlığında dəfn edilmişdir. İmam Sadiqin (ə) elmi irsi müxtəlif Avropa dillərinə tərcumə olunmuş və ali məktəblərdə tədris edilmişdir. Belə ki, Almaniyada olan universitetlərin birinin kitabxanasında Cabir ibn həyyanın üç kitabı saxlanılır. Cabir ibn həyyan Cəfəri Sadiqin (ə) riyaziyyat, fizika, kimya və digər dəqiq elmlər sahəsində ən məşhur yetrirməsi olmuşdur və Cəfəri Sadiqin (ə) şəhadəti günü həmin universitetdə bayrağı bir neçə dəqiqəlik aşağı endirib o cənabın xatirəsini yad edirlər. Cəfəri Sadiqin (ə) şəxsiyyəti, elmi barədə ətraflı danışmaq, sözsüz ki, çox çətindir. Lakin çalışacağıq ki, cənabın haqqında müxtəsər də olsa, siz əziz oxuculara məlumat verək. Fikir və əqidə müxtəlifliklərinə malik olmaqlarına baxmayaraq, 4000 nəfər şəxs o cənabın elm dəryasından bəhrələnmiş vəhədislərini nəql etmişdir. İndiyədək Əhli beytin (ə) heç birindən bu qədər hədis nəql olunmamışdır. Öz dövrünün ən məşhur alimləri, təfsir və hikmət ustadları o şəxsdən dərs almışlar. Əhli sünnəninbir çox alimləri, xüsusən də Hənəfi və Maliki məzhəbinin baniləri Əbu Hənifə və Malik ibn Ənəs onun tələbələri olmuşlar. Əbu Hənifə xəlifə Mənsurun göstərişi ilə sarayda təşkil olunmuş elmi toplantıda İmam Cəfəri Sadiqdən (ə) soruşduğu qırx suala aldığı mükəmməl və ətraflı cavabların yekununda belə demişdir: “Nəzərlərin müxtəlifliyinə daha yaxşı vaqif olan şəxsin elmi və fəqahəti camaatın hamısından üstündür”. Malik ibn Ənəs İmam Cəfəri Sadiqin (ə)abidliyi barədə nəql edir ki, Mən həmişə o həzrəti üç haldan birində görərdim: Ya oruc, ya ibadət, yada zikrlə məşğul olardı. Əbdül Əla belə deyir: “Yayın qızmar günlərinin birində gördüm ki, Cəfəri Sadiq (ə) Mədinə küçələrindən biri ilə harasa gedir. O həzrətə dedim ki, qurbanın olum, sən Peyğəmbərin (ə), nə üçün yayın bu istisində özünü zəhmətə salırsan?”İmam buyurdu:”ruzumu qazanmaq üçün evdən çıxmışam ki, başqalarına möhtac olmayım”. O həzrətin barəsində olan hekayətlərin birində bildirilir ki, Əbu Cəfər Xəsəli deyir: “İmam Sadiq (ə) mənə bir kisə qızıl verib buyurdu ki, bunu filan haşimi (seyyid) kişiyə ver və kimin verdiyini ona demə” ravi deyir ki, o malı həmin kişiyə verdikdə dedi: ” bunları mənə verən hər kimdirsə, Allah ondan razı olsun. Həmişə mənə beləcə pul göndərir.mənim dolanışığımda onun sayəsində təmin olunur. Lakin Cəfəri Sadiq (ə) bax ki, çoxlu malı olduğu halda mənə heç bir dirhəmdə vermir”. Bu onu göstərir ki, İmam Sadiq (ə) sidq ürəklə və təmənnasız etdiyi yaxşılıqların heç zaman söylənilməsini istəməmişdir. Daha dəqiq desək, özünü təbliğdən kənar olmuşdur. Buradan belə bir nəticə çıxarmaq olar ki, İmam Cəfəri Sadiq (ə) Məhəmməd (s) nəslindən olan Peyğəmbərin digər davamçıları kimi gözəl əməllərini və yaxşı xüsusiyyətlərini daim gizlətməyə çalışmışdır. Bu da onun böyüklüyündən irəli gələn bir cəhətdir.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiqdən (ə) doqquz nəsihət

Bir nəfər Imam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, ona nəsihət versin. İmam buyurdu: “Doqquz məsələyə əməl etməyi sənə tövsiyə edirəm.” Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin. Tövsiyələrimdən üçü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədə, üçü səbr və dözüm haqqında, qalan üçü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanalıq etmə! Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır: Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar. Ikincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin. Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək (“bismillah” de). Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: “Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz”. Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla. Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır: Birincisi, kimsə sənə: “Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm” söyləsə, sən cavabında de: “Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm”. Ikincisi, kimsə səni söysə ona belə cavab ver: “Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın”. Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə (yəni səni söyməklə qorxutsa), sən ona nəsihət və hörmət vədəsi ver (yəni onu doğru yola yönəldəcəyini və ona hörmət göstərəcəyini söylə)”. Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır: Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə. Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et. Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)”. Sonra Imam həmin adama buyurdu: “Mən sənə nəsihət edib borcumu verdim. Indi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiqin (ə) Qur’an ilə sünnənin əhatəliliyi barəsində dediyi kəlam

Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən 1 də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə.» 2 1 Müğeyriyyə – bir məzhəbin adıdır 2 Biharul-Ənvar, c.2, səh.169, hədis3

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR

Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir. Biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik: Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin.” İmam (ə) buyurdu: لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ “Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin.” Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! (“Əs-sərair”, 3-cü cild, səh.650.) İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: “İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu: اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ “Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın.” Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu: إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة “Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz.” (“Əl-məhasin”, 1-ci cild, səh.80; “Əmali”, Şeyx Səduq, səh.572.) “Lisanul-ərəb” adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan “mustəxiffən” ifadəsi haqda belə yazılır: “İstəxəffə” sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki “mustəxiffən bis-səlat” ibarəsinin mənası da belədir: “Namaza hörmətsizlik edən və etinasız yanaşan.” Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir. Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, “Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!” – deyə ərz etdikdə, İmam (ə) buyurdu: یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏ “Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz.” (“Məcməul-bəhreyn”, 3-cü cild, səh.73.) یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏. “Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş.” (“Əl-xisal”, 1-ci cild, səh.169.) Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı: عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ. “Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır.” (“Əl-əmali”, Şüyx Tusi, səh.676.) Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu: أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ “Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək.” (“Əl-əmali”, Şüyx Tusi, səh.355.) “Həqqullah” (Allahın haqqı) və və “həqqun-nas”ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz. Rza Şükürlü (Maide.az)

İmam Cəfər Sadiq (ə) 24.01.2025

İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat

Vilayət və İmamətin altıncı parlaq ulduzu İmam  Sadiq ələyhis-salam Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq. Künyəsi: Əbu Əbdillah. Atası: Muhəmməd Baqir (əleyhissalam). Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə). Doğulduğu gün: 17 Rəbiül-əvvəl. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 83-cü hicri ili. Şəhid olduğu gün: 25 şəvval. Şəhid olduğu il:148-ci hicri ili. Ömrü: 65 il. Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir. Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı. Övladlarının sayı: 10 (7 oğlan, 3 qız) Oğlanları: 1. İsmail. 2. Əbdüllahi Əftəh. 3. Musayi Kazim (əleyhissalam). 4. İshaq. 5. Muhəmməd Dibac. 6. Əbbas. 7. Əli. Qızları: 1. Fatimə. 2. Əsma. 3. Ümmü-Fərvə. Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir). Həyatına qısa baxış! İmam Cəfər (ə) əziz Peyğəmbərimizin (s) vəfatından təxminən yetmiş il sonra, hicrətin 83-cü ili Peyğəmbərin (s) dünyaya gəldiyi gün müqəddəs Mədinə şəhərində İmam Baqirin (ə) və xanım Ümmü-Fərvənin ailəsində dünyaya göz açıb. Onun atası İmam Hüseynin (ə), anası isə İmam Həsənin (ə) nəslindən idilər. Hicrətin 114-cü ilində 31 yaşında ikən atasının zəhərləndirilməsindən sonra İmamət məqamına yetişmişdi. İmam Mühəmməd Baqirin (ə) dövründə Əməvi  və Abbasi sülalələri arasında başlayan hakimiyyət davası İmam Sadiq (ə) dövründə də davam edirdi. Bu ədavət sayəsində xilafət daxilində şiələrə qarşı təqiblərin xeyli zəifləməsindən istifadə edən hər iki İmam (ə) İslam maarifinin yayılmasına xüsusi diqqət yetirmişlər. Məhz İmam Baqirin (ə) dövründə başlayan pərakəndə dini biliklərin elmi konsepsiya formasına salınması prosesi İmam Sadiqin (ə) dövründə başa çatmışdı. Hər iki İmamdan nəql olunan hədislər sayca Rəsuli-Əkrəm (s) və digər on imamdan nəql olunan hədislərdən çoxdur. Ümumiyyətlə, İslam firqələrinin formalaşması bu dövrə təsadüf edir. İmam Cəfər Sadiqin (ə) müxtəlif firqə (istər islami, istərsə də qeyri) nümayəndələri ilə bəhsləri bu gündə əlimizdə olan ən qiymətli elm əsərləri hesab olunur. İmamın (ə) ən məşhur yadigarı isə “Tohidi Müfəzzəl” risaləsidir. Belə ki, İmamın (ə) Müfəzzəl ibn Ömər adlı tələbəsi onun dörd gün ərzində oxuduğu  yaradılış tarixi və fəlsəfəsi barədə mühazirələrini qələmə almış və kitab şəkilinə salmışdır. İmam Cəfər Sadiqin (ə) məşhur tələbələrindən biri əbu Musa Cabir ibn Həyyan Tərtusidir. O, beş yüz risalədən ibarət kitab yazmışdır. Cabirin kimya sahəsində araşdırmaları orta əsrlərdə Avropada kimya sahəsində əsas mənbələrdən biri hesab olunub və bu gün də alimlərin diqqətini cəlb etməkdə davam edir. İmam Sadiqin (ə) yetişdirdiyi ən üstün tələbəsi isə Hişam ibn Həkəm olub. Hişam Haqq axtarışına uzun zaman həsr etmiş, ancaq mövcud məktəblərdə öz suallarının cavabını tapmayaraq İmam Sadiqlə (ə) görüşmüşdü. Bir neçə bəhsdən sonra o, Həzrət Cəfər Sadiqin İmamətini qəbul etmiş və ömrünün sonuna qədər özünü Əhli-Beyt(ə) məktəbinə həsr etmişdir. Hişamın Tohid, Qəzavu-qədər, İmamət və s. mövzularda otuza yaxın əsəri dövrümüzə qədər gəlib çatıb. Qeyd olunmalıdır ki, İmam Sadiq (ə) digər imamlarımız (ə) kimi zaman-zaman müxtəlif qiyamçılar tərəfindən hakimiyyət təklifi almışlar. Ancaq xilafət əhalisinin əksəriyyətinin həqiqətən də İslam dəyərlərinə arxalanan cəmiyyətdə və Əhli-Beyt(ə) İmamlarının rəhbərliyi altında yaşamaq istəməsi şübhə altında idi. İmam (ə) da bu səbəbdən bu cür təkliflərdən imtina etmişdi. Çünki həqiqi İslam hökuməti yalnız bütün xalqın razılığı və dəstəyi ilə qurula bilərdi. İmamın (ə) dövründə əsasən iki məşhur qiyamı – Zeydin və Abbasilərin qiyamını xüsusi qeyd etmək olar. İmam Sadiq (ə) öz tərəfdarlarını həmişə təhriflərdən pak bir İslama dəvət edirdi. Bu da xilafətin mövqeyini dəstəkləyən fəqihlərin, qondarma müftilərin və eləcə də onların arxasında duran hakimlərin etirazına səbəb olurdu. Çünki həqiqi İslam onların təbliğ etdiyi və faydalandığı  dindən uzaqdır və camaatı öz haqlarını tələb etməyə təşfiq edirdi. Odur ki, İmam Sadiq (ə)-ın qoyduğu  dərslər bir cəhətdən də hakim təbəqənin ideoloji  prinsip- lərinin sarsılmasına yönəlmişdi. İmamın (ə) ictimai fəaliyyətinin tərkib hissəsi olan digər cəhət isə xilafətin müxtəlif bölgələrinətəbliğməqsədilə nümayəndələr göndərməsi idi. İmam Sadiq (ə) həyatı boyu təzyiq və təqiblərə məruz qalıb. Hələ atasının sağlığında Əməvi  xəlifəsi Hişamın əmri ilə Həzrət Dəməşqə sürgün olunmuşdu. Daha sonra Abbasi xəlifələri Səffah və Mənsurun əmri ilə İmam (ə) iki dəfə sürgünə göndərilmişdi. O, Mədinəyə qayıtdıqdan sonra təqiyyə (öz əqidəsini gizlətmək) edərək yaşamışdır. Hicrətin 148-ci ilində (təqribən miladi 77-ci il) 65 yaşında ikən İmam Sadiq (ə) xəlifə Mənsurun təhriki ilə zəhərləndirilərək şəhid edilmişdir. İmamın mübarək məzarı Mədinədə, Bəqi qəbiristanlığında yerləşir. Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından və “salaminfo.az” saytından istifadə olunub.

İmam Cəfər Sadiq (ə) 24.01.2025

Külək niyə əsir? Əsməsə, nə olar? – İmam Sadiqin (ə) mübarək izahı

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq. “Ey Mufəzzəl! Səni küləkdən və onun xüsusiyyətlərindən agah edim. Məgər görmürsənmi ki, külək qalxan və yatan zaman nə müsibətlər baş verir? Canlar həlak olmaq təhlükəsində qalır. Sağlamları xəstə, xəstələri həlak edir. Meyvələri məhv edir. Yaşıllıqları çirkləndirir və faydasız edir. Ardınca vəba gətirir və tarladakı məhsulu məhv edir.   Ona görə də küləyin əsməsi Müdrik Allahın tədbir və hikmətidir ki, aləmin xeyirinə fəaliyyət göstərməkdədir.   Əsən küləyin cinsi havadandır. Külək bədənləri sərinləşdirər. Buludları bir tərəfdən başqa tərəfə aparar ki, dağılsınlar. Yağış yağdırsınlar ki, faydası hamıya çatsın. O zaman ki, yağar –  külək buludları bir-birindən ayırar. Gəmiləri hərəkətə gətirər. Yeməyi lətif və yeyilə biləcək edər. Suyu soyudar və atəşi alovlandırar. Tərli olan şeyləri qurudar.   Xülasə, əgər külək və hava olmasaydı bitkilər solar, heyvanlar ölər və hər şey məhv olardı.   Səs, havada meydana gələr və onu qulaqlara çatdırar. İnsanlar (həmin) səslə gün ərzində və gecə vaxtı bir-biri ilə danışarlar. Əgər bu sözlərin təsiri kağızda yazının qalması kimi qalsaydı, havada da qalardı. Bu da onların ziyanına səbəb olardı. Hava – bu bədənlərin həyat mənbəyidir. Tənəffüs vasitəsilə cismin daxilində havanın alınması və xaric edilməsi baş verər. İyləri bir tərəfdən başqa tərəfə ötürər. Məgər görmürsənmi ki, o tərəfdən ki, külək gələr – iy də gələr. Müdrik Allah bu havanı gizli kağız qərar vermişdir ki, sözləri həml etsin. Sonra onu (kağızı) məhv edər və yenidən pakizə və ağ edər. Bu iş arası kəsilmədən baş verər. Ona görə də bu havadan və onda gizlənənlərdən ibrət götür”. (Həvzəh)   /Deyerler.org/

İmam Cəfər Sadiq (ə) 24.01.2025

Hava niyə isti və soyuq olur? – İmam Sadiqin (ə) mübarək izahı

“Bu isti və soyuğa nəzər sal gör Yer kürəsini necə saxlamışdır. Bu iki hava növü azalaraq və çoxalaraq ildəki fəsilləri meydana gətirmişdir. Çünki insanın və bütün aləmin məsləhəti ondadır. Soyuq və isti bədənlərin möhkəmlənməsinə səbəb olar. Əgər bu isti və soyuq olmasaydı, bədənlər soyumaz və isinməzdi. Hər an məhv olardı. Bax gör necə biri o birisinə tədricən və yavaş-yavaş daxil olur. Biri yavaş-yavaş azalır və o birisi yavaş-yavaş artır – o zamana qədər ki, hər biri azalmaq və çoxalmaqda öz son həddinə çatır. Əgər onlardan biri anidən və qəflətən o birisinə daxil olsaydı, cisim və bədənlərin xəstəliyinə səbəb olardı. Ona görə də Allah belə tədbir görmüşdür ki, soyuq və isti bir-birinə tədricən daxil olsunlar. Bu, mövcudatların salamatlığı üçündür. Əgər (bu işdə) tədbir və hikmət yoxdursa, bəs niyə qəflətən daxil olmur, əksinə yavaş-yavaş gəlir?   Əgər kimsə desə ki, havanın belə tədrici olması günəş seyrinin tədrici olmasına görədir və ya günəşin yerə yaxınlaşması və uzaqlaşmasına görədir – gərək o şəxsdən soruşaq: “Bəs niyə günəşin və Yer kürəsinin hərəkəti, fasilənin yaxın və uzaq olması belə xəlq olmuşdur? Əgər tədrici olmasının səbəbini günəşin qərbə və şərqə nur saçmasında görərsə, gərək bunun da səbəbini soruşaq. Hər nə desə, yenə də bu sual meydana gələr ki, axı niyə belədir? Nəhayət varlıq aləminin hədəfli və tədbirli olmasına gəlib çatarıq.   Əgər hərarət olmasaydı, meyvələr bərk və acı olardı. Yumşalmaz və yetişməzdi ki, yeyilə bilinəsi olsun. Əgər soyuq olmasaydı, əkinlər belə cücərməzdilər, insanların ruzisini verməzdilər.   Məgər görmürsənmi ki, soyuq və isti bu qədər faydası ilə bədəni yenə də ağrıdır? Bu məsələdə təfəkkür edənlər üçün ibrətlər vardır”. (Həvzəh)   /Deyerler.org/

İmam Cəfər Sadiq (ə) 24.01.2025

Günəş niyə batır və çıxır? – İmam Sadiqin (ə) mübarək izahı

İmam Sadiq (ə) yaxın səhabəsi olan Mufəzzələ yerin və göyün bəzi sirlərini açıqlamışdır ki, biz də onlarla tanış olaq.   İmam (ə) buyurur: “Ey Mufəzzəl! Günəşin batması və çıxması, gecə və gündüzün dövr etməsi barəsində düşün. Əgər günəş çıxmasaydı, Yer kürəsinin işi bir-birinə dəyərdi. İnsanlar yaşamağa və öz işlərini yerinə yetirməyə qadir olmazdılar. Dünya qaranlıq olsaydı, onların ziyanına olardı. Nur olmadan həyat şirin olmazdı və ondan ləzzət almazdılar. Günəşin çıxmasına ehtiyacın olması aydındır və bundan artıq şərhə ehtiyac yoxdur.   Ancaq günəşin batması sirri barəsində düşün. Əgər günəş batmasaydı, insanlar rahatlıq tapmazdılar. Halbuki, onların hər şeydən daha çox cisimlərinin, canlarının istirahətinə, yeməyin həzm olmasına və yeməyi bədənin bütün üzvlərinə çatdırmasına ehtiyacları vardır. Əgər insan hərisliyi bais olsaydı ki, o davamlı olaraq iş görsün – bədənləri gücdən düşərdi.   İnsanların bir çoxu əgər gecə düşməzsə və qaranlıq onlara hakim olmazsa – hərislik və mal cəm etmək tamahı ilə aramlıq tapmazdılar.   Həmçinin Yer üzü günəşin davamlı nur saçmasına görə yanmış olardı. Bütün canlılar – bitkilərdən tutmuş heyvanlara qədər – hərarətin çoxluğundan məhv olardılar.   Ona görə də Müdrik Allah belə tədbir etmişdir ki, (günəş) bir zaman çıxsın və başqa bir zaman isə batsın. Çıraq kimi olsun ki, ev əhli onu iş görmək üçün yandırarlar və rahatlıq tapmaq üçün söndürərlər.   Nur və zülmət bir-birinin əksidir. O qədər itaət edirlər ki, dünyanın əmin-amanlığı bir yerdə təmin olunsun”. (Həvzəh)   /Deyerler.org/

İmam Cəfər Sadiq (ə) 24.01.2025

Yaxşılıq haqqında hədislər

İmаm Sаdiq (ә) buyurur: “Hәr kәsin еvi оlsа (оnа еhtiyаcı оlmаsа) vә bir möminin еvә еhtiyаcı vаrsа, birini möminә vеrmәsә, Аllаh mәlәklәrinә buyurаr: Ey mənim mələklərim. İzzәtimә vә cәlаlımа аnd оlsun! О, bәndәmә pахıllıq еdib оnа dünyаdа еv vеrmәdiyinә görә оnu hеç vахt cәnnәtdә sаkin еtmәyәcәyәm. İmаm Sаdiq (ә) buyurur: “Hәr kәs müsәlmаn kаsıblаrındаn birinә еhtiyаcı оlаn pаltаrı vеrsә və yaxud yаşаyışını tәmin еdən bir şey əta etsə, Аllаh yеtmiş min mәlәyә әmr vеrәr ki, qiyаmәt gününә qәdәr оnun hәr bir günаhı üçün istiğfаr еtsin.” İmаm Sәccаd (ә) buyurur: Bir kişi Rasulullahın (s.ə.ə.v) yаnınа gәlib dеdi : Ya Rasulullah ( s.ə.ə.v ) mәnim еtmәdiyim bir günаh qаlmаyıb. İndi mәnә tövbә yеri qаlıbmı? Rasulullah ( s.ə.ə.v ) cavabında buyurdu: Valideynlərindən hansısa biri sаğdırmı? Dеdi: Yаlnız аtаm sаğdır. Buyurdu: Аtаnа hörmәt vә yахşılıq еt ki, Аllаh günаhlаrını bаğışlаsın. О kişi gеdәndәn sоnrа Rasulullah ( s.ə.ə.v ) buyurdu: Kаş, аnаsı sаğ оlаrdı.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...