Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

Məqalə 22.02.2025

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının altında nə olduğunu bilmədiyim bir şeyi bürümüşdü (qucaqlamışdı). İşimi bitirdikdən sonra soruşdum: Ey Allahın Rəsulu, libasının altında bürüdüyün bu şey nədir? O, libasını açdı (əbasını qaldırdı); bir də gördüm ki, Həsən və Hüseyn (ə) onun qucağında oturublar. Peyğəmbər (s) buyurdu: “Bu ikisi mənim oğullarım və qızımın (Fatimənin) oğullarıdır. Allahım! Mən bu ikisini sevirəm, Sən də onları sev! Onları sevənləri də sev!”. طَرَقْتُ النَّبِيَّ (ص) ذَاتَ لَيْلَةٍ فِي بَعْضِ الْحَاجَةِ‌، فَخَرَجَ النَّبِيُّ (ص) وَ هُوَ مُشْتَمِلٌ عَلَى شَيْ‌ءٍ لَا أَدْرِي مَا هُوَ، فَلَمَّا فَرَغْتُ مِنْ حَاجَتِي قُلْتُ‌: مَا هَذَا الَّذِي أَنْتَ مُشْتَمِلٌ عَلَيْهِ؟ قَالَ‌: فَكَشَفَهُ‌، فَإِذَا حَسَنٌ‌ وَ حُسَيْنٌ‌ (ع) عَلَى وَرِكَيْهِ‌. فَقَالَ (ص)‌: «هَذَانِ ابْنَايَ وَ ابْنَا ابْنَتِيَ‌، اللَّهُمَّ إِنِّي أُحِبُّهُمَا فَأَحِبَّهُمَا، وَ أَحِبَّ مَنْ يُحِبُّهُمَا». Məhəmməd ibn İsa Termizi, “Sunənu Termizi” (əs-Sunən/ Səhihul-Came), c.5, s. 473, babul-mənaqib, hədis: 3769 (darul-hədis çapı, 1419 hq). Bu hədis Əhli-sünnəyə görə səhihdir, çünki onu Buxari də öz Səhihinin “mənaqib” fəslində (hədis: 3753) nəql etmişdir. P.S: Cahiliyyə dövründə ərəblər qız uşaqlarından olan nəvələri öz nəsillərinin davamçısı saymırdılar. Peyğəmbərimiz (s) “bu ikisi mənim oğullarım və qızımın oğullarıdır” deyərək bu yanlış adəti sındırdı. O, bu kimi kəlamları ilə öz soyunun məhz qızı Həzrət Fatimə (s.ə) vasitəsilə, yəni Həsən və Hüseynlə (ə) davam edəcəyini hüquqi və mənəvi olaraq elan etdi. #imamhüseynəhlisünnəmənbələrində @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 22.02.2025

Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu

Həzrət İmam Hüseyn (ə) Kərbəlaya tərəf hərəkət etdikdə “Beyzə” adlı bir yerdə Peyğəmbəri Əkrəm (s)-in dilindən bu xütbəni oxudu: “Əgər bir nəfər, zalım bir sultanın zor gücünə hakimiyyət sürdüyünü, əldə etdiyi iqtidarı hesabına bəndəçilik əhdi olan ilahi peymanı sındırdığını, Allah hökmlərindən boyun qaçıraraq, Peyğəmbər (s)-in əmrlərinə itaət etmədiyini və xalqa rəftarında həddini aşdığını görsə və onu öz sözü və əməli ilə düz yola dəvət etməsə onu əyri yoldan döndərməyə çalışmasa, Allahın haqqıdır ki, onu da həmin zalımla birlikdə cəhənnəmə daxil etsin. Beləliklə də, zalımlar cərgəsində qərar tutsun.” (Yəni, zalımın zülmünü görüb, onunla mübarizə aparmayan müsəlmanın yeri cəhənnəmdir.) (Biharul-ənvar, cild 44, səh. 382, bab 37, rəvayət 2)

Məhərrəm 22.02.2025

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi (ə) gülərüz görməzdi. O həzrət daim matəm və hüzn içində olardı. Məhərrəm ayının 1-ci günü  hicri-qəməri tarixinin ilk günüdür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir: 1. Oruc tutmaq; İslam Peyğəmbərindən (s) belə nəql olunur: “Məhərrəm ayında bir gün oruc tutan şəxsə otuz günün orucunun savabı verilər.” Əli ibn İbrahim öz atasından, o da Rəyyan ibn Şəbibdən belə nəql edir: Məhərrəm ayının birinci günü imam Rzanın (ə) hüzuruna getmişdim. Həzrət mənə buyurdu: “Ey Şəbibin oğlu! Bu gün oruc tutubsanmı?” Dedim: “Xeyr!” Həzrət buyurdu: “Bu gün elə bir gündür ki, Zəkəriyya peyğəmbər Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak övlad əta et ki, həqiqətən, Sən duanı eşidənsən.” Allah-Taala Zəkəriyya peyğəmbərin duasını qəbul etdi. O, ibadət mehrabında namaz qılıb, raz-niyazla məşğul olarkən mələklər ona müraciət edib dedilər: “Allah səni Yəhya (adlı bir övlad) ilə müjdələyir.” “Ey Şəbibin oğlu! Hər hər kim bu günü (Məhərrəm ayının birinci günü) oruc tutub Allahdan istək və hacətlərini diləsə, Allah-Taala Zəkəriyyanın duasını qəbul etdiyi kimi, onun da istək və hacətlərini qəbul edər.” Sonra imam Rza (ə) buyurdu: “Məhərrəm bir aydır ki, keçmişdə cahillik dövrünün insanları bu aya ehtiram edərək döyüşü tərk edir, hətta onu haram bilirdilər. Amma bu ümmət bu ayın, eləcə də, öz Peyğəmbərinin (s) ehtiramını saxlamadılar. Bu ayda onun övladını qətlə yetirdilər, əhli-əyalını və qadınlarını əsir tutdular, onların xeymələrinə od vurdular. Allah onları heç zaman bağışlamasın! Ey Şəbibin oğlu! Əgər birinə ağlamaq istəsən, Hüseyn ibn Əliyə (ə) ağla…!” (“Amalul-vaizin”, Seyid İbrahim Hüseyni Leylabi, 2-ci cild, səh. 32-33.) 2. İmam Rzadan(ə) nəql olunur ki, İslam Peyğəmbəri (s) Məhərrəm ayının ilk günü iki rükət namaz qılar və namazdan sonra əllərini göyə qaldırıb üç dəfə bu duanı oxuyardı: اللَّهُمَّ أَنْتَ الْإِلَهُ الْقَدِيمُ وَ هَذِهِ سَنَةٌ جَدِيدَةٌ فَأَسْأَلُكَ فِيهَا الْعِصْمَةَ مِنَ الشَّيْطَانِ وَ الْقُوَّةَ عَلَى هَذِهِ النَّفْسِ الْأَمَّارَةِ بِالسُّوءِ وَ الاشْتِغَالَ بِمَا يُقَرِّبُنِي إِلَيْكَ يَا كَرِيمُ يَا ذَا الْجَلالِ وَ الْإِكْرَامِ يَا عِمَادَ مَنْ لا عِمَادَ لَهُ يَا ذَخِيرَةَ مَنْ لا ذَخِيرَةَ لَهُ يَا حِرْزَ مَنْ لا حِرْزَ لَهُ يَا غِيَاثَ مَنْ لا غِيَاثَ لَهُ يَا سَنَدَ مَنْ لا سَنَدَ لَهُ يَا كَنْزَ مَنْ لا كَنْزَ لَهُ يَا حَسَنَ الْبَلاءِ يَا عَظِيمَ الرَّجَاءِ يَا عِزَّ الضُّعَفَاءِ يَا مُنْقِذَ الْغَرْقَى يَا مُنْجِيَ الْهَلْكَى يَا مُنْعِمُ يَا مُجْمِلُ يَا مُفْضِلُ يَا مُحْسِنُ أَنْتَ الَّذِي سَجَدَ لَكَ سَوَادُ اللَّيْلِ وَ نُورُ النَّهَارِ وَ ضَوْءُ الْقَمَرِ وَ شُعَاعُ الشَّمْسِ وَ دَوِيُّ الْمَاءِ وَ حَفِيفُ الشَّجَرِ يَا اللَّهُ لا شَرِيكَ لَكَ اللَّهُمَّ اجْعَلْنَا خَيْرا مِمَّا يَظُنُّونَ وَ اغْفِرْ لَنَا مَا لا يَعْلَمُونَ وَ لا تُؤَاخِذْنَا بِمَا يَقُولُونَ حَسْبِيَ اللَّهُ لا إِلَهَ إِلا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَ مَا يَذَّكَّرُ إِلا أُولُوا الْأَلْبَابِ رَبَّنَا لا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً اِنَّكَ أَنْتَ الْوَهَّابُ Duanın oxunuşu  Əllahummə əntəl ilahul qədim, və hazihi sənətun cədidəh, fəəs`əlukə fihəl ismətə minəş şəytan, vəl quvvətə əla hazihin nəfsil əmmarəti bis sui vəl iştiğal, bima yuqərribuni iləykə ya kərim, ya zəl cəlali vəl ikram, ya imadə mən la imadə ləh, ya zəxirətə mən la zəxirətə ləh, ya hirzə mən la hirzə ləh, ya ğiyasə mən la ğiyasə ləhu ya sənədə mən la sənədə ləh, ya kənzə mən la kənzə ləh, ya həsənəl bəlai ya əzimər rəca, ya izzəz zuəfai ya munqizəl ğərqa, ya munciəl həlka, ya mun`imu ya mucmilu ya muhsin, əntəlləzi səcədə ləkə səvadul ləyli və nurun nəhari və zəv`ul qəməri və şuauş-şəmsi və dəviyyul ma, və həfifuş şəcəri ya Əllahu la şərikə lək, Əllahumməc`əlna xəyrən mimma yəzunnun, vəğfir ləna ma la yə`ləmun, və la tuaxizna bima yəqulun, həsbiyəllahu la ilahə illa hu, ələyhi təvəkkəltu və huvə rəbbul ərşil əzim, amənna bihi kullu min indi rəbbina, və ma yəzzəkkəru illa ulul əlbab, rəbbəna la tuziğ qulubəna bə`də iz hədəytəna, və həb ləna min lədunkə rəhməh, innəkə əntəl vəhhab. Duanın tərcüməsi İlahi, əzəli məbud Sənsən və bu da yeni ildir! Bu yeni ildə Səndən istəyirəm ki, məni şeytandan qoruyasan, daim günah və pisliklərə əmr edən bu nəfsə qüvvət verib məni Sənə yaxınlaşdıran əməllərlə məşğul edəsən, ey kərim Allah, ey calal və kəramət sahibi, ey çarəsizlərin dayağı, ey ehtiyatı olmayanların ehtiyatı, ey pənahı olmayanların pənahı, ey fəryada yetəni olmayanların fəryadına yetən, ey dayağı olmayanların dayağı, ey xəzinəsi olmayanların xəzinəsi, ey imtahanı gözəl olan, ey böyük ümid yeri, ey gücsüzləri ucaldan, ey boğulanlara nicat verən, ey həlak olanları xilas edən, ey nemət verən, ey gözəllik verən, ey artıran, ey yaxşılıq edən! Sən elə bir məbudsan ki, gecənin qaranlığı, gündüzün aydınlığı, ayın işığı, günəşin şüası, suyun şırıltısı və ağacların xışıltısı Sənə səcdə etdi. Ey Allah, Sənin şərikin yoxdur! İlahi, bizi insanların güman etdiklərindən yaxşı qərar ver, onların bilmədikləri pisliklərimizi bağışla və bizi onların dedikləri əsasında cəzalandırma! Allah bizə bəs edər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül edirəm və O, böyük ərşin Rəbbidir. Mən Ona iman gətirmişəm və hə nə varsa, Rəbbimiz tərəfindəndir. Bunu ancaq ağıllı adamlar dərk edərlər! Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma, bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən! (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Məhərrəm ayının əməlləri” bölümü.)

Könül oxşayan Hədislər 21.02.2025

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun çoxalacağını. 3. Ədəbsiz və əxlaqsız adam cəmiyyətdə adının şərəflə çəkiləcəyini. 4. Xəsis adam qohumlarının onu yoxlayacağını. 5. Lağlağaçı və məsxərəçi adam dostlarının onunla səmimi olacağını. 6. Dini hökmlərdən xəbərsiz adam düzgün hökm və qərar verəcəyini. 7. İnsanların qeybətini edən öz abırının salamat qalacağını. 8. Paxıl adam qəlbinin rahatlaşacağını. 9. Kiçik günaha görə danlayan və cəzalandıranın özünün alicənab hesab ediləcəyini. 10. Öz rəyini bəyənən təcrübəsiz adam rəhbərliyi bacaracağını. İmam Sadiq (ə) «لَا يَطْمَعَنَّ ذُو الْكِبْرِ فِي الثَّنَاءِ الْحَسَنِ وَ لَا الْخَبُّ (الخداع) فِي كَثْرَةِ الصَّدِيقِ‏ وَ لَا السَّيِّئُ الْأَدَبِ فِي الشَّرَفِ وَ لَا الْبَخِيلُ فِي صِلَةِ الرَّحِمِ وَ لَا الْمُسْتَهْزِئُ بِالنَّاسِ فِي صِدْقِ الْمَوَدَّةِ وَ لَا الْقَلِيلُ الْفِقْهِ فِي الْقَضَاءِ وَ لَا الْمُغْتَابُ فِي السَّلَامَةِ وَ لَا الْحَسُودُ فِي رَاحَةِ الْقَلْبِ وَ لَا الْمُعَاقِبُ عَلَى الذَّنْبِ الصَّغِيرِ فِي السُّؤْدُدِ وَ لَا الْقَلِيلُ التَّجْرِبَةِ الْمُعْجَبُ بِرَأْيِهِ فِي رِئَاسَة». Şeyx Səduq, “əl-Xisal”, c.2, s.434. @mirmehemmed_beshir

Könül oxşayan Hədislər 21.02.2025

 İmanın 4 kamillik nişanəsi

İmam Sadiq (ə) buyurmuşdur: لا یَکْمِلُ عَبْدٌ الایمانَ بِاللَّهِ حَتّى یَکُونَ فیهِ اَربَعُ خِصالٍ: یُحسِنُ خُلقَهُ، وَ یَستَخِفُّ نَفسَهُ، و یُمسِکُ الفَضلَ مِن قَولِهِ، و یُخرِجُ الفَضلَ مِن مالِهِ “Bəndə dörd xislətə sahib olmayınca imanı kamilləşməz: 1. əxlaq və rəftarını gözəlləşdirməli; 2. öz nəfsini yüngül saymalı; 3. çox danışmaqdan çəkinməli; 4. malının artığını xərcləməlidir.” (“Biharul-ənvar”, c.69, səh.379.)

Könül oxşayan Hədislər 21.02.2025

Möminlərin ən kamili

İmam Baqir (ə) buyumuşdur: إِنَّ أَكْمَلَ الْمُؤْمِنِينَ إِيمَاناً أَحْسَنُهُمْ خُلُقاً “Möminlərin imаn baxımından әn kаmili әхlаqı gözәl оlаndır.” (“Üsuli-kаfi”, c.3, sәh.153.) 5. Namaz – Qiyamətdə ilk sual İmam Baqir (ə) buyumuşdur: اِنَّ اَوَّلَ ما یُحاسَبُ عَلَیهِ العَبدُ الصَّلاةُ فَاِن قُبِلَت قُبِلَ ما سِواها “Həqiqətən, bəndənin (Qiyamətdə) hesab verdiyi ilk əməl namazdır. Əgər namaz qəbul olunarsa, digər əməllər də qəbul olunar.” (“Uyunu əxbarir-Riza”, c.83, səh.25.)

Könül oxşayan Hədislər 21.02.2025

Qurtuluş yolu

İmam Baqir (ə) Füzeylə belə buyurmuşdur: بَلِّغ مَن لَقيتَ مِن مُوالينا عَنَّا السَّلامَ، وقُل لَهُم: إنّي لا اُغني عَنكُم مِنَ اللّهِ شَيئًا إلاّ بِوَرَعٍ، فَاحفَظوا ألسِنَتَكُم وكُفّوا أيدِيَكُم، وعَلَيكُم بِالصَّبرِ وَالصَّلاةِ، إنَّ اللّهَ مَعَ الصّابِرينَ “Bizim dostlarımızı gördüyün zaman onlara salamımızı çatdırıb de ki, Allah dərgahında təqvadan başqa qurtuluş yolu yoxdur (və ondan başqa sizin üçün bir şeyə qadir deyiləm). Odur ki, dillərinizi qoruyub, əllərinizi (günahdan) saxlayın. Sizə səbir və namazı tövsiyə edirəm. Əlbəttə, Allah səbir edənlərlədir.” (“Dəaimul-İslam”, c.1, səh.133.)

Könül oxşayan Hədislər 21.02.2025

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ المُؤمِنينَ. وفُضِّلنا بِأَنَّ مِنَّا النَّبِيَّ المُختارَ مُحَمَّدًا (ص)، ومِنّا الصِّدّيقُ، ومِنَّا الطَيّارُ، ومِنّا أسدُ اللّهِ وأسَدُ الرَّسولِ، ومِنّا سَيِّدَةُ نِساءِ العالَمينَ فاطِمَةُ البَتولُ، ومِنّا سِبطا هذِهِ الاُمَّةِ وسَيِّدا شَبابِ أهلِ الجَنَّةِ “Ey camaat, bizə altı xislət və yeddi fəzilət verilmişdir: “Elm, helm, səxavət, fəsahət, şücaət və möminlərin qəlbində məhəbbət xislətləri əta olunmuş, seçilmiş peyğəmbər Muhmməd (s), “düzdanışan” (İmam Əli (ə)), “uçan” (Cəfər Təyyar), Allahın aslanı (İmam Əli (ə)), Peyğəmbərin aslanı (Həzrət Həmzə), dünya qadınlarının xanımı Fatimeyi-Bətul və bu ümmətin iki nəvəsi – Cənnət gənclərinin sərvərləri ilə bizə fəzilət bəxş edilmişdir!” (“Məqtəlul-Hüseyn”, Xarəzmi, c.2, səh.69.)

Könül oxşayan Hədislər 21.02.2025

On iki hidayətçi imam bizdəndir

İmam Hüseyn (ə) buyurmuşdur: مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ الْإِمَامُ الْقَائِمُ بِالْحَقِّ يُحْيِي اللَّهُ بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِها وَ يُظْهِرُ بِهِ دِيْنَ الْحَقِّ عَلَى الدِّينِ كُلِّهِ وَ لَوْ كَرِهَ الْمُشْرِكُونَ لَهُ غَيْبَةٌ يَرْتَدُّ فِيهَا أَقْوَامٌ وَ يَثْبُتُ فِيهَا عَلَى الدِّينِ آخَرُونَ فَيُؤْذَوْنَ وَ يُقَالُ لَهُمْ مَتى‏ هذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صادِقِينَ أَمَا إِنَّ الصَّابِرَ فِي غَيْبَتِهِ عَلَى الْأَذَى وَ التَّكْذِيبِ بِمَنْزِلَةِ الْمُجَاهِدِ بِالسَّيْفِ بَيْنَ يَدَيْ رَسُولِ اللَّهِ )ص) “On iki hidayətçi imam bizdəndir. O on iki imamdan birincisi Əmirəlmöminin Əli ibn Əbutalib, sonuncusi isə mənim doqquzuncu övladımdır və o, haqq üzrə qiyam edən imamdır. Müşriklərin xoşuna gəlməsə də, Allah-Taala onun vasitəsilə yer üzünü öldükdən sonra dirildəcək və haqq dini onun əli ilə bütün dinlərə qalib edəcək. Onun qeyb dövrü olacaq ki, bəziləri ö dövrdə dindən çıxacaq, bəziləri də dində sabit qalaraq əzab-əziyyətə məruz qalacaqlar və onlara deyiləcək: “Əgər doğru deyirsinizsə, bu vəd haçan gerçəkləşəcək?” Amma bilin ki, onun qeyb dönəmində işgəncə və təkziblərə səbir edib dözən, sanki Rəsulullahın (s) hüzurunda qılınc çalan mücahid kimidir.” (“Kəmalud-din”, Şeyx Səduq, c.1, səh.317.)

Arşdırmalar 21.02.2025

‘Mübahilə’ ayəsi və onun qısa izahı

“Ali-İmran” surəsinin 61-ci ayəsində buyurulur: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” “Mübahilə” əslində “azad, özbaşına buraxmaq, bir şeyi qeyd-şərtsiz nəzərə almaq” mənasını bildirən “bəhl” sözündən götürülmüşdür. Məsələn, balasına süd vermək üçün özbaşına buraxılan heyvana “bahil” deyilir. Dualarda da “ibtihal”ın mənası işlərin Allaha tapşırılmasından ibarətdir. Bu sözü “həlakət”, “qarğış”, “lənət” və “insanın Allahın lütf və mərhəmətindən üzülüb özbaşına buraxılması” kimi də mənalandırmışlar. “Mübahilə”nin bu ayədəki məfhum və mənasına gəldikdə isə, “mübahilə” iki nəfərin bir-birinə qarşı nifrin və qarğışı mənasını ifadə edir. Belə ki, hər şey şüur və məntiq baxımından aydın olduqdan sonra mübahisə kəsilməyəndə iki nəfər, yaxud iki qrup bir yerə toplaşıb Allaha dua edir və Ondan yalançının rüsvay olmasını, cəzalanmasını diləyir. Sünni və şiə təfsirlərində, eləcə də, bəzi hədis və tarix kitablarında qeyd olunur ki, hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəm (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran xristianları Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə de: Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz dəqadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib(yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik. Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi dedi: “Əgər sabah Mühəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təmtəraqla, öz mürid və tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.” Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Mühəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (“Məcməül-bəyan”, 2-ci cild, səh. 452 (ixtisarla). Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mötəbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, “mübahilə” ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin arası təqribən iki kilometrdir. “MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ “Mübahilə” hadisəsi İslam Peyğəmbərinin (s) risalət və peyğəmbərliyinin doğru və haqq olduğunu göstərən aydın bir nişanə və dəlildir. Çünki Allahla qəti və mənəvi əlaqəsi olmayan şəxsin belə təhlükəli işə razı olması mümkün deyildir. Peyğəmbəri-Əkrəm (s) çəkinmədən müxaliflərinə deyir ki, gəlin, birlikdə dua edib Allahdan yalançıları rüsvay etməsini diləyək. Bunun mənası odur ki, sözsüz, mənim nifrin və qarğışım sizi tutacaq və siz bunun nəticəsini görəcəksiniz! Şübhəsiz, belə bir meydana girmək asan iş deyil; əgər qarğış Allah dərgahında qəbul olunmasa və qarşı tərəf cəzasına çatmasa, bu özü böyük rüsvayçılıq olar. Heç bir ağıllı insan qarşı tərəfin məğlub olacağına inanmadan belə bir işə əl atmaz. Məhz bu səbəbdən də, rəvayətlərdə deyildiyi kimi, mübahilədən söz düşdükdə, Nəcran xristianları Peyğəmbəri-Əkrəmdən (s) bir qədər fikirləşmək üçün möhlət istədilər. Onlar Peyğəmbərin (s) özü ilə gətirdiyi şəxslərin yalnız dörd nəfərdən ibarət olduğunu, səs-küy salmadan, qəti inam və xatircəmliklə vəd edilmiş yerə gəldiyini gördükdə, dəhşətə gələrək mübahilədən boyun qaçırdılar və o həzrətin haqq olduğuna inanmaqla əzabdan amanda qaldılar. Digər tərəfdən bu ayə Peyğəmbərin (s) Əhli-beytinin (Əli, Fatimə, Həsən və Hüseynin (ə)) yüksək məqama malik olduğunu göstərən ən aydın və möhkəm sübutdur. Şübhəsiz, ayədə qeyd olunan “əbnaəna” (oğullarımız) sözündə məqsəd imam Həsən və imam Hüseyn (ə), “nisaəna” (qadınlarımız) sözündə məqsəd Fatimeyi-Zəhradır (ə.s). “Ənfüsəna” (özümüz) sözünə gəldikdə isə, şübhəsiz məqsəd təkcə Peyğəmbəri-Əkrəmin (s) özü deyil. Çünki ayədə “özümüzü dəvət edək” ifadəsi vardır ki, əgər yalnız Peyğəmbər (s) nəzərdə tutulsaydı, onda insanın öz-özünü dəvət etməsinin heç bir mənası olmazdı. Buna əsasən, yeganə yol budur ki, belə deyək: “Məqsəd Əlidir (ə)!” “Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Məmun Abbasi imam Rzadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” – deyə soruşduqda, Həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).” Məmun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)” İmam Rza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!” Əllamə Təbatəbai bu qısa və eyni zamanda mənalı sözləri şərh edərək yazır: “İmam Rzanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-Taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir. Məmunun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mənasını bildirir. İmam Rza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mənasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mənasında deyil. (“Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.) “Biharul-ənvar” kitabında nəql olunur ki, Məmun imam Rzaya (ə) dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.” İmam Rza (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) də çağırdı. Buradan məlum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!” (“Biharul-ənvar”, 10-cu cild, səh. 350)

Müsəlmanın həyat tərzi 21.02.2025

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü“Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edən Nəcran xristianları ilə mübahisəsi nəticə vermədikdə, “Ali-İmran” surəsinin 61-ci ayəsi nazil oldu: فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةُ اللّهِ عَلَى الْكَاذِبِينَ “(Ya Peyğəmbər!) Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisə etsə, onlara de: “Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib (yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.”   Bu ayə nazil olduqdan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı və təyin olunan gün (mübahilə günü) Peyğəmbəri-Əkrəm (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianlar Peyğəmbəri-Əkrəmin (s) az sayda (yəni öz yaxınları və sevdikləri ilə) mübahiləyə gəldiyini görüb o həzrətin haqq olduğunu düşündülər, mübahilə etməkdən qorxub sülh edərək cizyə (vergi) verməyə razılaşdılar. İslamın qələbə çaldığı bu şərəfli gününün özünəməxsus bir neçə əməli var: 1. Qüsl etmək (Mübahilə gününün qüslü niyyətilə); 2. Oruc tutmaq; 3. Günorta azanından öncə iki rükət namaz qılmaq: belə ki, hər rükətdə “Həmd” surəsindən sonra on dəfə “İxlas” surəsi, on dəfə “Ayətül-kürsi” və on dəfə “Qədr” surəsi oxunmalıdır. (“Ayətül-kürsü”nü “Hum fiha xalidun” ayəsinə qədər oxumaq tövsiyə olunur və bu namaz ”Qədir-Xum” bayramı gününə məxsus namazla eynidir.) 4. “Mübahilə” gününün namazından sonra yetmiş dəfə “istiğfar” etmək (tövbə edib Allahdan günahların bağışlanmasını diləmək); 5. Ramazan ayının “Səhər” duasına oxşar olan “Mübahilə” duasını oxumaq: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ بَهَائِكَ بِأَبْهَاهُ وَ كُلُّ بَهَائِكَ بَهِيٌّ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِبَهَائِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَلالِكَ بِأَجَلِّهِ وَ كُلُّ جَلالِكَ جَلِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَلالِكَ كُلِّهِ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ جَمَالِكَ بِأَجْمَلِهِ وَ كُلُّ جَمَالِكَ جَمِيلٌ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ بِجَمَالِكَ كُلِّهِ… Oxunuşu: Əllahummə inni əs`əlukə min bəhaikə biəbhahu, və kullu bəhaikə bəhiyy. Əllahummə inni əs`əlukə bibəhaikə kullih. Əllahummə inni əs`əlukə min cəlalikə biəcəllihi, və kullu cəlalikə cəlil. Əllahummə inni əs`əlukə bicəlalikə kullih. Əllahummə inni əs`əlukə min cəmalikə biəcməlihi, və kullu cəmalikə cəmil. Əllahummə inni əs`əlukə bicəmalikə kullih…   Tərcüməsi: İlahi, Sənin Öz nurlu dərəcələrinin nuraniyyətinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, onun bütün dərəcələri nuranidir. İlahi, Sənin nuraniyyətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin şövkətinin ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin şövkətinin bütün dərəcələri alidir! İlahi, Sənin şövkətinin bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm! İlahi, Sənin camalının ən ali dərəcəsinin haqqına and verib Səndən istəyirəm, bir halda ki, Sənin camalının bütün dərəcələri alidir! İlahi, Sənin camalının bütün dərəcələrinin haqqına and verib Səndən istəyirəm… 6. Yoxsullara yardım etmək və sədəqə vermək; 7. “Camiə Kəbirə” ziyarətnaməsini oxumaq. (Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Zilhiccə ayının əməlləri” bölümü.)

Pak sülalə 21.02.2025

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində anadan olmuşdur. Atasi imam Rza, anası isə İslam Peyğəmbərinin (s) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən olan Səbikə (Səkinə) Novbiyyədir. İmam Cavadın (ə) atası vəfat edərkən, təxminən, səkkiz yaşı olmuş, 220-ci h.q. ilinin Zil-həccə ayında, iyirmi beş yaşında ikən şəhadətə yetmiş və Bağdadda babası imam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur. (“Üsuli-kafi”, c.1, səh.492) AZYAŞLI İMAM İmam Cavad (ə) uşaq yaşlarında imamət məqamına çatmış ilk imam olduğundan, o həzrətin həyatını mütaliə edərkən qarşıya çıxan ilk sual bu olur ki, kiçik bir uşaq müsəlmanların rəhbərlik və imamət məsuliyyətini necə öz öhdəsinə götürə bilər? İnsan bu yaşda olarkən Peyğəmbərin (s) canişini olması kamalına çata bilərmi? Keçmiş ümmətlərdə də, belə bir hadisə olubmu? Bu suallara cavab vermək üçün nəzərə almaq lazımdır ki, düzdür, insanın əqli və cismani cəhətdən ömrünün özünəməxsus çiçəklənmə dövrü var və insan həmin vaxta yetişdikdə, əql və cismi ən kamil həddə çatır. Ancaq nə eybi var ki, hikmət və yenilməz qüdrət sahibi olan Allah bəzi məsləhətlərə görə bu prosesi bir sıra xüsusi bəndələri üçün qısa bir vaxt ərzində gətirib çatdırsın? Bəşər tarixində lap qədim dövrlərdən bu cür ümumi qaydadan istisna olan şəxslər olmuş və Allah-Taalanın xüsusi lütf və mərhəməti sayəsində kiçik yaşlarında ikən imamət və xalqa rəhbər olmaq məqamına yetişmişlər. Bu məsələni daha yaxşı başa düşmək üçün gəlin bu istisnalardan bir neçəsini nəzərdən keçirək. Qurani-Kərim həzrət Yəhyanın (ə) peyğəmbərliyi və onun uşaq yaşlarından peyğəmbər seçilməsi barədə buyurur: “Biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” “Məryəm” surəsi, ayə: 12. “Məryəm” surəsi, ayə: 12.) Bəzi təfsirçilər bu ayədə “hikmət” sözünü istedad və bilik mənasına, bəziləri isə onu peyğəmbərlik mənasına təfsir edib. Uşağın dil açıb danışması üçün bilirik ki, təxminən on iki ay (bir il) vaxt keçməlidir. Ancaq bunu da bilirik ki, həzrət İsa (ə) dünyaya gəldiyi ilk günlərdə, hələ beşikdə ikən danışmış və (Allahın qüdrəti nəticəsində evlənmədən hamilə olub doğmuş və buna görə də, ciddi töhmətlərə məruz qalmış) anasını müdafiə edərək inadkarların dedi-qodusunu məntiqlə aradan qaldırmışdır. Halbuki bu cür danışıq, özü də belə bir məfhuma malik söz yalnız böyüklərin əlindən gələ bilər. Qurani-Kərim İsanın (ə) sözlərini belə açıqlayır: “Allahdan bir möcüzə olaraq körpə (İsa (ə) dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam [bəndəsiyəm]. O, mənə kitab verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi  etmədi.” (“Məryəm” surəsi, ayə: 30-32.) Qeyd olunanlardan belə nəticəyə gəlirik ki, imamlardan qabaq da digər mömin insanlar bu ilahi nemətdən bəhrələnmiş və bu, təkcə imamlara xas olmamışdır. İMAM CAVADIN (Ə) ELMİ MÜZAKİRƏLƏRİ Xəlifə Məmun qızı Ümmü Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat oldular və bu qərarla ciddi müxalifət etdilər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istədilər. Onlar Məmuna Abbasilər və Ələvilər arasında baş verən köhnə çəkişmələrə, eyni zamanda, imam Cavadın (ə) hələ uşaq olduğuna, din və fiqhdən bir şey bilmədiyinə toxunaraq deyirlər: “Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.” Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri “lədünni” olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!” Nəhayət, onlar imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqihlərdən sayılan Yəhya ibn Əksəmi seçirlər. Yəhyanın razılığını aldıqdan sonra uyğun məsələ üçün çətin suallar hazırlamasını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə, ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin etdilər. Həmin gün münazirəni dinləmək üçün Abbasilər və hətta Məmunun özü də yığıncaqda iştirak edir. Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?” İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?” İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən açıq-aşkar görünür. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, imam Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmü Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə o həzrətin anası xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verib, Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?” Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın (ə) özünün cavab verməsini istəyir. O həzrət buyurur: “O qadın başqasının kənizidir. Sübh tezdən bir yad kişi ona baxır və bu baxışı haram olur, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.” İMAM CAVADIN (Ə) ELMİ MİRASI Bildiyimiz kimi, imamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onların vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq imamların dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə şərait çox yaxşı olmuşdur, buna görə də, imam Sadiqin (ə) minlərlə şagirdi olmuşdur. İmam Cavaddan (ə) başlayaraq imam Həsən Əskərinin (ə) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu imamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı imam Sadiqin (ə) şagirdlərinin sayı ilə müqayisədə hədsiz dərəcədə az olmuşdur. Demək, “imam Cavadın (ə) yüz on nəfərə yaxın şagirdi olmuş və o həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir” deyildikdə, heç də təəccüblənməməliyik. (“Rical”, Şeyx Tusi, səh.397-409.) Çünki o həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə, cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, imam Cavadın (ə) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən, özünəməxsus mövqeyi olan şəxslər də vardır. Bunlardan bəziləri bir çox əsərlər də yazmışlar. Başqa bir məsələ isə odur ki, imam Cavadın (ə) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də, sünni məzhəbinin alim və hədisçiləri də bir sıra islami maarif və həqiqətləri o həzrətdən nəql etmişlər. (“Əl-mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.384) İMAM CAVADIN(Ə) ŞƏHADƏTİ 218-ci h.q. ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim hakimiyyətə gəlir. O, imam Cavadı (ə) öz nəzarəti altında saxlamaq məqsədi ilə 220-ci h.q. ilində o həzrəti Mədinədən Bağdada gətirir. İmam (ə) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak edir. Həmin məclisdə Bağdad qazısı İbn Əbu Duad və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olur, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib deyir: “Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hakimiyyətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksəkrütbəli nümayəndələrin hüzurunda (imam) Cavadın (ə) fətvasını başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olacaq.” Qəlbində imam Cavada (ə) qarşı düşmənçilik və kin-küdurət bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olur və İmamı (ə) öldürmək fikrinə düşür. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib, imam Cavadı (ə) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. (“Əl-irşad”, səh.326.)

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...