Məqalələr

İslam dünyagörüşü, əxlaqi dərslər və fiqhi məsələlər haqqında maarifləndirici yazılar

İmam Hüseyn (ə) 16.02.2025

Ərbəin , İnsanları birləşdirən dəyər

Kərbəla Təkəbbürlüyü mərifət sayan insan modeli qarşısında yeni bir mədəniyyət yüksəlir. Fədakar, təvazökar və əliaçıq iam Hüseyn aşiqləri, dünyaya böyük dərslər verir. Ərbəin – yəni 40-cı gün. İmam Hüseynin şəhadətinin 40-cı günü. 14 əsrdir davam edən bir həqiqət. Səddamın dövründə gizli baş verən hadisər, son günlər dünya miqyasında misli bərabəri görünməyən bir atmosferə büründü. İrqindən asılı olmayaraq insanlar Kərbəlanı könüllər fatehi bilərək, dünyanın dörd bir yanından İraqa axın edir. Nəcəf və Kərbəla arasındakı məsafəni təqribən 3 günə piyada gedib, İmam Hüseynin türbəsinə yetişirlər. Bu insanların sayı 20 milyonu keçir. Yəni Kərbəla zəvvarları İraq əhalisinin sayına bərabərdir. Təsəvvür edin ki, kiçik bir şəhər ölkə əhalisinin sayı qədər insana ev sahibliyi edir. Bu eşq yolçuluğunda bir loxma çörək almaq üçün deyil, bir loxma ehsan edə bilmək üçün milyonlarla insan sanki yarışır. Hər kəs bir-birinə xidmət göstərməyə can atır. Dahi Nəsimi gözəl deyir: “Güldən tərəzi düzəldərlər, gülü, gül ilə çəkərlər.” Amma bu sadəcə bir beyt deyil, həqiqətdir. Kərbəla yolunu anladıb bizə Nəsimi. Öncədən bir-birlərini görməmiş milyonlarla insan dövlətin təhlükəsizlik xidmətindən başqa heç bir dəstək olmadan gecə-gündüz yol gedir, yeyib üçür, öz ehtiyaclarını belə, özləri qarşılayırlar. Ziyarətin ilk illərində xidmətləri ev sahibi iraqlılar etsələr də, son illərdə ölkə xaricindən gələnlərin də qurduğu xidmət çadırları bəzi çatışmamazlıqları aradan qaldırıb. xidmət edənlərin sayı o qədər çoxdur ki, bəziləri xidmət göstərə bilmədikləri üçün oturub ağlayırlar. Bura Kərbəladır. Burada kimsənin dilinə, irqinə, məzhəbinə, yaşına və dininə baxmazlar. bu yola düşmüş hər kəs dəyərlidir, əzizdir. “Şərəfdir aşiqə canan yolunda yanmaq” deyən aşiqlər, minlərlə kilometr uzaqlıqdan, hətta uzaq qitələrdən də gəlib, bu eşq yolçuluğuna qoşulurlar. İnsanlıq tarixində bunun bənzəri yoxdur, olmayacaq da. Say baxımından bura gələn insanların 4-də birinə çatan 2-ci bu cür hadisə tapa bilməzsiniz. təəssüflər olsun ki belə bir hadisə, xəbərlərdə və gündəmdə olmağı artıqlaması ilə haqq etdiyi halda, dünyanın marağını özünə cəlb edən eşq yürüşü, ölkə və dünya mətbuatında yetərincə işıqlandırılmır. Çünki bu insanlar sadəcə türbəyə getmirlər. Gələcəyə üz tuturlar. Kapitalist, fərdçi, istismarçı sarayların dirəklərini yıxıb, ədalət, bərabərlik, fədakarlıq mədəniyyəti qururlar. Müharibələrin mərkəzi olan bir coğrafiyada yüksələn bu Ərbəin atəşi, bir möcüzədir, bir həqiqətdir.

Könül oxşayan Hədislər 16.02.2025

İmam Hüseynin (ə) şəhadəti

İmam Hüseynin (ə) şəhadəti İslam Peyğəmbəri (s) buyurmuşdur: إِنَّ لِقَتْلِ الْحُسَيْنِ حَرَارَةٌ فِي قُلُوبِ الْمُؤْمِنِينَ لَنْ تَبْرُدَ أَبَداً “Həqiqətən, imam Hüseynin (ə) şəhadəti ilə möminlərin qəlbində heç bir zaman sönməyəcək hərarət (alov) yaranmışdır.”[1] Qısa izah Əgər dünya tarixini vərəqləsək, görərik ki, dünyada həddər artıq çox qanlı müharibələr törədilmişdir. Lakin aylar və yaxud illər ötdükcə, bu hadisələr unudularaq zehinlərdən silinmiş və tarixin qaranlıq yaddaşına qalmışdır. Amma özlərini bütün varlığı ilə Allah yolunda, insanların azadlığı, şərəf və fəziləti naminə fəda edənlər heç vaxt unudulmayacaqlar. Çünki “Allah”, “azadlıq”, “şərəf” və “fəzilət” heç zaman köhnələn məsələlər deyildir. Onlar insanlıq dəyərlərinin cəmiyyətdə dirçəldilməsi, münafiq insanların həqiqi simalarının aşkar edilməsi və həmçinin, zülm və sitəmin köknü birdəfəlik silinməsi üçün öz canlarını fəda etdilər ki, bu dəyərlərlə yanaşı özləri də əbədi olaraq yaşasınlar. [1] “Mustədrəkul-vəsail”, c. 10, səh. 318.

QURANI KƏRIM 16.02.2025

“Mücadilə” surəsi

“Mücadilə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əri ilə bağlı sənə müraciət və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin söhbətinizi eşidir. Allah eşidəndir, görəndir. Sizlərdən öz qadınlarını (anaya bənzədərək) özlərinə haram edənlərin zövcə­­ləri onların anaları deyillər. Anaları yalnız onları dünyaya gətirmiş qadınlardır. Onlar yaramaz və yanlış söz danışırlar. Allah əfv edəndir, bağışlayandır. Qadınlarını (anaya bənzədərək) özlərinə haram edib, sonra sözlərini geri götürənlər onlarla yaxınlıq etməzdən əvvəl bir kölə azad etməlidirlər. Bu, sizə verilən öyüd-nəsihətdir. Allah nə etdiklərinizdən xəbərdardır. (Buna) imkanı olmayan şəxs qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay ardıcıl oruc tutmalıdır. Buna da gücü çatmayan şəxs altmış yoxsulu yedirtməlidir. Bu, sizin Allaha və Onun elçisinə iman gətirməniz üçündür. Bunlar Allahın hüdudlarıdır. Ona qarşı çıxanları isə ağrılı-acılı bir əzab gözləyir. Allah və Onun elçisi ilə düşmənçilik edənlər özlərindən əvvəlkilər xar və rüsvay olduqları kimi xar və rüsvay olacaqlar. Biz artıq açıq-aydın ayələr nazil etdik. Kafirləri xar və rüsvayedici bir əzab gözləyir. O gün Allah onların hamısını dirildəcək və etdikləri əməllərdən – Allahın hesabını qoruduğu, onların özlərinin unutduqları əməllərdən xəbərdar edəcək. Allah hər şeyə şahiddir. ————————————————————————————– “Mücadilə” surəsinin ümumi məzmunu: Bu surəni məzmun etibarı ilə üç hissəyə bölmək olar: 1. “Zihar” (kişilərin öz qadınlarını analarına bənzədərək onları özlərinə haram etməsi) və onun hökmləri. 2. Məclisə aid olan ədəb qaydaları, o cümlədən pıçıltı ilə danışmaq, məclisə yenicə daxil olmuş adama yer vermək haqqında göstərişlər. 3. Münafiqlər və zahirdə İslamdan dəm vuran, ancaq düşmənlərlə əlaqəsi olanlar haqqında ətraflı məlumat, həqiqi müsəlmanların Şeytan və münafiqlər dəəstəsinə girməməsinə çağırış, onların Allah dəstəsinə girməsinə çağırılması.[1] Surənin ilk ayələrinin nazilolma səbəbi: Təfsirçilərin çoxunun ilk ayələrin nazilolma səbəbləri ilə bağlı qeyd etdiklərinin ümumi məzmunu: Ənsardan olan bir qadın ərinin qəzəbinə tuş gəlir və ər də tündxasiyyət bir adam olduğu üçün həyat yoldaşından ayrılmaq qərarına gəlir. Buna görə də öz həyat yoldaşına belə deyir: “Sən mənim üçün anam kimisən!” Bu boşanma forması Cahiliyyət dövrünə aid idi. Bu cür boşanma zamanı qadının nə öz həyat yoldaşı ilə ailəliyi mümkün idi, nə də başqa bir adamla ailə qura bilərdi. Qeyd olunan vəziyyət ərli bir qadının başına gələn ən pis hadisə hesab edilirdi. Çox keçmir ki, ər peşman olur, ancaq “zihar” (qadının anaya bənzədilməsi ilə haram edilməsi) Cahiliyyət dövründə qayıdışı mümkün olmayan boşanma forması olduğu üçün kişi həyat yoldaşına belə deyir: Hesab edirəm ki, mənə həmişəlik haramsan. Qadın deyir: Belə danışma, Allah rəsulunun (s) yanına get və bu məsələni ondan soruş. Kişi: “Mən utanıram”, – dedikdə qadın deyir ki, elə isə qoy mən gedim. Kişi deyir ki, eybi yoxdur, get. Qadın Peyğəmbərin (s) yanına gedir və əhvalatı ona danışır. Peyğəmbər (s) buyurur: Sən ona haram olmusan və mənim bu barədə heç bir göstərişim yoxdur. Qadın üzünü Allah dərgahına tutub deyir: Ey Rəbbim, çarəsizliyimdən, ehtiyacdan və vəziyyətimin pisliyindən sənə şikayət edirəm. Peyğəmbərinə (s) bir əmr göndər və bu problemi həll et. Bu vaxt bu surənin ilk ayələri nazil olur. Peyğəmbər (s) həmin ayələri o qadının həyat yoldaşına oxuyur və zihar boşanmasının yaratdığı problemin həlli yolunu göstərir. Zihar böyük günahlardandır, hər kəs öz həyat yoldaşını “sən mənə anam kimisən” deyib boşasa, qadın şəriət hakiminə müraciət edib rəsmi boşanma vasitəsilə həyat yoldaşından boşana və ya ərini əvvəlki evliliyinə məcbur elətdirə bilər. Ancaq əvvəlki evlilik həyatına qayıtmazdan əvvəl ər cərimə ödəməlidir. Ziharın cəriməsi imkan olduğu təqdirdə bir qul azad etməkdir, imkan olmadığı təqdirdə iki ay ardıcıl oruc tutmaqdır, buna da imkan olmadıqda altmış ehtiyaclını doyurmaqdır. İslamın zihar boşanmasına qarşı bu cür qətiyyətli münasibəti onu göstərir ki, İslam özbaşnalıq edən kişilərin öz zalım və qəddar ənənlərindən istifadə edərək qadınların hüquqlarını pozmasına icazə vermir, əksinə insanlar arasında nə qədər kök atmış olsa belə, bu cür xurafat və yanlış ənənələrinin yer üzündən silinməsini aradan qaldırmaq istəyir.[2] Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini bilmirsənmi? Nə zaman üç nəfər xəlvəti söhbət edirsə, dördüncüləri Allahdır, nə zaman dörd nəfər xəlvəti söhbət edirsə, beşinciləri Allahdır, nə zaman beş nəfər xəlvəti söhbət edirsə, altıncıları Allahdır. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Çünki Allah hər şeyi bilir. Gizli söhbət qadağan ediləndən sonra yenə də qadağan olunmuş əmələ qayıdıb günah, düşmənçilik etmək və Peyğəm­­bərə qarşı çıxmaq üçün öz aralarında xəlvəti danışanları görmədinmi? Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır və öz-özlərinə: “Bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis aqibətdir! Ey iman gətirənlər! Gizli danışdığınız zaman günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə danışmayın. Yaxşı işlər və Allahdan qorxmaq barədə danışın, hüzuruna toplanılacağınız Allahdan qorxun! Gizli söhbətlər iman gətirənləri kədərləndirməyə çalışan Şeytan tərəfindəndir. Amma Allahın izni olmadıqca o, onlara heç bir zərər yetirə bilməz. Elə isə möminlər Allaha təvəkkül etsinlər. Ey iman gətirənlər! Sizə: “Məclislərdə yer verin!” – deyildikdə yer verin ki, Allah da sizə geniş yer versin. Habelə sizə: “Qalxın!” – deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş şəxslərin dərəcələrini ucaltsın. Allah nə etdiklərinizdən xəbərdardır. ————————————————————————————- Allah hər bir xəlvəti yerdədir: Allah cisim deyil, cismə xas olan xüsusiyyətlərin heç biri Onda yoxdur, buna görə də Onun üçün zaman və məkan təsəvvür etmək olmaz. Eyni zamanda Allahın hər hansı yerdə olduğunu təsəvvür etmək Onu məhdudlaşdırmaqdır. Başqa sözlə desək, O, hər şeyi əhatə edir, ancaq məkanı yoxdur. Bundan başqa Onun mələkləri də hər yerdədir və bütün əməlləri qeydə alırlar. İmam Əli (ə) bu ayənin təfsiri haqqında belə buyurmuşdur: “Yəni Allahın etibarlı varlıqları onlara verdiyimiz qüdrətlə bütün yaradılmışlar üzərində hakimdirlər, əgər bir şey etsələr, sanki Allah etmişdir.” Əlbəttə, bu, məsələnin bir tərəfidir. Ancaq digər tərəfi Allahın Özünün hər şeyi əhatə etməsidir. Belə ki, xristian alimlərindən biri İmam Əlidən (ə): “Allah haradadır?”, – deyə soruşduqda İmam (ə) buyurur: “O, buradadır və oradadır, yuxarıda və aşağıdadır, bizi əhatə edir, hər zaman bizimlədir. Allah “nə zaman üç nəfər xəlvəti söhbət edirsə, dördüncüləri Allahdır…”, – deyə buyururkən də bunu çatdırmaq istəmişdir.”[3] Allahın və Allahdan qeyrisinin salamı: İmam Baqirin (ə) hədislərinin birində belə qeyd edilir: “Bir gün bir qrup yəhudi Peyğəmbərin (s) yanına gəlib “əssəlamu ələykə” demək əvəzinə “əssamu ələykə, ey Əbülqasim” deyir. Bunun da mənası “sənə ölüm olsun” və ya “məzəmmət və yorğunluğa düçar olasan” deməkdir. Peyğəmbər (s) onlara “eynisi sizə olsun”, – deyə cavab verir. Aişə qeyd edir ki, bu məqam mənim diqqətimi cəlb etdiyi üçün dedim: “Sizə ölüm olsun. Allahın lənət və qəzəbi üzərinizə olsun.” Peyğəmbər (s) mənə dedi: “Sakit ol, kobudluq və pis danışmaqdan çəkin”. Dedim: Məgər eşitmirsən, “sənə ölüm olsun” deyirlər? Buyurdu: “Bəs sən mənim onlara “eynisi sizə olsun” dediyimi eşitmədin?” Bu zaman Allah-taala bu ayəni göndərir: “Onlar sənin yanına gəldikdə səni Allahın salamladığı kimi salamlamır”.[4] Elmli möminlərin dərəcələrinin yüksəldilməsi: Bir gün Peyğəmbər (s) cümə günlərinin birində “süffə”də (Məscidin qarşısında olan böyük səkidə) əyləşir, ətrafında da adam çox olduğu üçün yer darısqallıq edir. Peyğəmbər (s) adətən, Bədr mücahidlərinə çox böyük hörmət bəsləyərmiş. Elə bu vaxt həmin adamlardan bir qrupu daxil olur. Ancaq camaat artıq Peyğəmbərin (s) ətrafını doldurmuşdu. Onlar Peyğəmbərin (s) yanına gəldikdə ona salam verir, Peyğəmbər (s) də cavab verir. Sonra oradakılara salam verirlər. Onlar da cavab verirlər. Beləcə, ayaq üstə qalırlar. Ancaq onlara yer verən olmur. Bu vəziyyət Peyğəmbərə (s) çox ağır gəlir, üzünü ətrafında oturanlardan bir neçəsinə tutur, gələnlərə yer vermələri üçün onları yerlərindən qaldırır. Bu, iman və cihadda digərlərindən öndə olanlara hörmət edilməsini göstərirdi. Ancaq oradakıların bəzisi Peyğəmbərin (s) bu davranışından narazı qalır. Allah-taala sözügedən ayəni nazil edir, məclisdə oturmaq qaydaları ilə bağlı onlara bir neçə tövsiyə verir, bu göstərişlərin iman, elm və ayıqlıdan xəbər verdiyini göstərir. Bundan başqa, Peyğəmbərin (s) təzə gələnlərə yer vermələri üçün bəzi adamlara durmalarını göstəriş verməsi müqəddəs məqsədə, iman və elmdə öndə olanlara hörmət səciyyəsi daşıyır. Digər tərəfdən, nəzər nöqtəsi olan ayədən belə başa düşülür ki, insanın dərəcəsini iki cəhət yüksəldir: iman və elm. İmam Əli (ə) buyurmuşdur: “Elm və təhsil axtarışında olarkən əcəli yetişmiş şəxslə Peyğəmbər (s) arasında bir dərəcə fasilə var”. Peyğəmbər (s) belə buyurmuşdur: “Qiyamətdə üç qrup şəfaətçi olacaq: peyğəmbərlər, alimlər və şəhidlər”.[5]   Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət etmək istədiyiniz zaman öncə sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha pakdır. Əgər imkanınız olmasa, (bilin ki,) Allah bağışlayandır, rəhmlidir. Yoxsullaşacağınızdanmı qorxub gizli söhbətinizdən əvvəl sədəqə verməkdən çəkindiniz? İndi ki bunu etmədiniz və Allah da tövbənizi qəbul etdisə, onda namaz qılıb zəkat verin, Allaha və Onun elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır. Sən Allahın qəzəbinə tuş gəlmiş adamlarla dostluq edənləri görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər. Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Çünki onlar pis əməllər törədiblər. Onlar andlarını özlərinə sipər edib insanları Allah yolundan döndərdilər. Buna görə də onları alçaldıcı bir əzab gözləyir. Nə malları, nə də övladları onları Allahın əzabından qorumayacaq. Onlar Cəhənnəm sakinləridir və orada əbədi qalacaqlar. Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə edə biləcəklərini güman edəcəklər. Bilin ki, onlar əsl yalançılardır. Şeytan onları üstələmiş və Allahı xatırlamağı onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Bilin ki, şeytanın firqəsi ziyana uğramışdır. Allah və Onun elçisi ilə düşmənçilik edənlər ən zəlil kimsələr arasında olacaqlar. Allah əzəldən belə yazmışdır: “Mən və elçilərim, hökmən, qalib gələcəyik!” Allah qüvvətlidir, məğlubedilməzdir. ——————————————————————————– Xəlvəti danışıq: Bu ayənin nazilolma səbəbindən bəhs edən hədis və tarixi mənbələrdən belə məlum olur ki, bir qrup varlı adam Peyğəmbərin (s) yanına gəlib onunla xəlvəti söhbətlər edirdi. Bu hərəkət Peyğəmbərin (s) qiymətli vaxtını tutmaqla yanaşı, zəiflərin narahatlığına və varlıların imtiyaz qazanmasına səbəb olurdu. Allah-taala bu surənin 12-ci ayəsini nazil edir və onlara xəlvətə çəkilməzdən əvvəl ehtiyaclılara sədəqə vermələrini göstəriş verir. Vəziyyəti belə görən varlılar xəlvətə çəkilməkdən imtina edirlər. Bu zaman növbəti ayə nazil olur və Allah həmin ayədə onları məzəmmət edir, birinci ayənin hökmünü götürür və hər kəsə yalnız xeyir işlərdə xəlvəti danışmağa, Allaha itaət etmək üçün xəlvətə çəkilməyə icazə verir. Bəs bu hökmün və onun tez bir zamanda dəyişməsinin səbəbi nə olmuşdur? Bəzi təfsirçilər bu suala cavab verərkən belə qeyd etmişlər: Burada məqsəd öz sevgilərini Peyğəmbərə (s) xəlvətdə izhar edən iddialı insanları sınamaq olmuşdur. Allah-taala bu vasitə ilə sevgi və mərhəmət etirafının müftə olduğu zamana aid olduğunu aşkara çıxarır. Halbuki az miqdarda maldan keçməklə şərtləndiyində iddiaçılar susurlar. Əlbəttə, Allahın bu böyük imtahanından yalnız möminlərin əmiri İmam Əli (ə) keçmişdir. İmam Əli (ə) hədislərinin birində belə buyurur: “Quranda bir ayə nazil olub ki, nə məndən əvvəl kimsə ona əməl edib, nə də məndən sonra kimsə ona əməl edəcək. Mənim bir dinarım var idi, onu on dirhəmə dəyişmişdim. Allahın rəsulu (s) ilə hər dəfə xəlvətə çəkilmək istədikdə bir dirhəm sədəqə verirdim.” Abdullah ibn Ömər ibn Xəttaba istinad edilən bir rəvayətdə belə deyilir: “Əlinin üç fəziləti var idi. Əgər onlardan biri məndə olsaydı, mənim üçün qırmızı tüklü dəvələrdən daha yaxşı olardı. Onun Fatimə ilə evliliyi, Xeybər günü bayrağın ona verilməsi və “Nəcva” ayəsi(nə əməl etmək).” Bu ayə müsəlmanlara göstərdi ki, zərurət olmadığı təqdirdə Peyğəmbər (s) və digər İslam rəhbərlərini xəlvətə çəkməklə onların qiymətli vaxtını tutmasınlar, bununla da müsəlmanların narahatlığına səbəb olmasınlar. Buna görə də birinci hökm müvəqqəti xarakter daşımış, ayənin məqsədi hasil olduqdan sonra dəyişmişdir. Çünki birinci hökm bir sıra problemlərin meydana çıxmasına səbəb olurdu; hər hansı zəruri bir məsələ ortaya çıxdıqda və həmin məsələni Peyğəmbərə (s) xəlvətdə söyləmək zərurəti yarandıqda sədəqə hökmü insanların qarşısını kəsirdi, bununla da bir çox fürsətlər əldən çıxır, İslam cəmiyyətinə ziyan dəyirdi. Peyğəmbərlə (s) xəlvətdə danışmaq hökmünün nə qədər sürməsi və nə zaman dəyişməsi ilə bağlı müxtəlif fikirlər bildirilmişdir. Bəziləri bu müddətin bir saat, bəziləri bir gecə, bəziləri isə on gün sürdüyünü qeyd etmişlər. Ehtimal ki, üçüncü fikir daha düzgündür. Çünki bu müddət bir saat və ya bir gecə olsaydı, qanundan boyun qaçıranlar bəhanə edib deyəcəkdilər ki, bizim Peyğəmbərlə (s) xəlvətdə görüşüb danışmağımıza səbəb olacaq bir hadisə baş vermədi. Ancaq on gün müddəti elə bir müddətdir ki, həqiqətləri üzə çıxarır, onların məzəmmət edilməsinə haqq qazandırır. Sədəqənin miqdarına gəldikdə isə, bu barədə nə ayədə, nə də hədislərdə bir şey qeyd edilməmişdir. Ancaq İmam Əlinin (ə) hədisindən hətta bir dirhəmin belə, kifayət etdiyi başa düşülür.[6] Şeytanın hökmranlığı münafiqlərin taleyinin sonudur: Bu ayədə münafiqlərin taleyinin sonunun necə olduğuna işarə edilmişdir. Yalançı münafiqlər, var-dövlətləri ilə qürrələnənlərin sonu Şeytanın hökmranlığı altına keçmək, onun vəsvəsələrinə tabe olmaq və Allahı tamamilə unutmaqdır. Onların sonu təkcə haqq yoldan azmaq deyil, Şeytanın xidmətçiləri, köməkçiləri, yardımçıları, qoşunu və dəstəsi tərkibində başqalarını da haqq yoldan çıxarmaqdır. İmam Hüseyn (ə) Kərbəlada qaranlıq gecə və coşqun sel kimi axışıb gələn Kufə ordusu qarşısında belə buyurmuşdur: “Əcəb pis bəndələrsiniz, Allaha itaət etdiyinizi, Peyğəmbərə (s) iman gətirdiyinizi deyirsiniz, ancaq indi Peyğəmbərin (s) balasını öldürməyə gəlmisiniz, Şeytan sizi hökmranlığı altına alıb, Allahı sizə unutdurub.” Sonra buyurmuşdur: “Məhv olun, arzularınız məhv olsun! Allah tərəfindən gəlmişik, Ona tərəf də qayıdacağıq.”[7]   Allaha və Axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun elçisinə düşmən olanlarla – öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə – dostluq etsinlər. Allah imanı onların qəlb səhifəsinə yazmış və Öz tərəfindən bir ruhla onlara güc bəxş etmişdir. Onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, qalib gələnlər və nicat tapanlar məhz Allahın firqəsidir. [1] Nümunə, c.23, səh.403 [2] Nümunə, c.23, səh.406 [3] Nümunə, c.23, səh.426 [4] Üsuli-kafi, c.2, səh.642 [5] Nümunə, c.23, səh.437 [6] Nümunə, c.23, səh.447 [7] Nümunə, c.23, səh.461

Məqalə 15.02.2025

“Hədid” surəsi

“Hədid” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, qüdrətlidir, müdrikdir. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, dirildir və öldürür. O, hər şeyə qadirdir. Əvvəl, axır, aşkar və gizli Odur. O, hər şeyi bilir. ——————————————————————————– Qurana yalnız pak olanlar toxunar: Təfsirçilərin çoxu məsum imamlardan (ə) nəql olunan hədislərə istinad edərək onu Quranın xəttinə pak olmadan (dəstəmaz və qüsülsüz) toxunmanın icazə olmaması kimi izah etmişlər. Bəziləri burada Qurandan xəbərdar olan və onu vəhy vasitəsilə Peyğəmbərin (s) qəlbinə nazil edən pak mələklərin nəzərdə tutulduğuna işarə edildiyini qeyd etmişlər. Bəziləri bu ayəyə istinadən Quranın ali həqiqətlərinə yalnız pak insanların vara biləcəyini düşünürlər. Başqa sözlə desək, Quranın ən sadə məzmununu başa düşmək üçün heç olmasa, həqiqət axtarışında olan ruhun pak olması şərtdir. Paklıq və təmizlik artdıqca, Quranın məzmununu dərk etməyin dərəcəsi də artar.[1] Quranın zahiri məzmunundan zahiri təmizlik vasitəsilə də istifadə etmək olar, ancaq onun uca maarifini yalnız qəlbin və daxili aləmin paklığı ilə əxz etmək olar. Quranın zahirinə təmiz olmadan toxunmaq olmaz. Quranın dərin məzmunu, canı və batini ilə təmas yaratmaq üçün isə sağlam qəlbə və pak ruha ehtiyac var. İnsan ruhun çirklənməsinə səbəb olan pis davranışları, etiqad və fikir sapmalarını özündən uzaq etməli, qəlbini və canını cilalamalıdır ki, Quranın aynasına çevrilsin, Quranın uca maarifi orada əks olunsun. Allah-taala bu ayədə Quranın həqiqəti və batininin pak olmayanlar tərəfindən əhatə edilə biləcəyinin qeyri-mümkün olduğunu buyurmuşdur. Allah-taala “Əhzab” surəsinin 33-cü ayəsində “beş kimsəyə (ə)” xitab edərək buyurur: “Ey Əhli-beyt! Allah yalnız sizdən günah və çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” Bu iki ayəni yanaşı qoyduqda məlum olur ki, Allahın bütün günahlardan pak və təmiz etdiyi Peyğəmbər (s), onun pak və təmiz Əhli-beyti (ə) Quranın ruhu və canı ilə sıx təmasdadırlar.[2] Bunu belə də əsaslandıra bilərik ki, Quran hər kəsin haqq yola yönəlməsi üçün olsa da, çox adam Quranı birbaşa Peyğəmbərin (s) dilindən eşitməsinə, həqiqətin bu zülal suyunu vəhy mənbəyində görməsinə baxmayaraq, inad və təəssüb üzündən ondan az da olsa, bəhrələnə bilməyiblər. Ancaq özünü azacıq təmizləyən, həqiqət axtarışında olan, ruhu ilə ona yaxınlaşan insanlar onun vasitəsilə haqq yola yönəlmişlər. Deməli, insanın təmizliyi və təqvası nə qədər artarsa, Quranın dərinliklərinə daha çox vara bilər. Ümumiyyətlə, ayə həm ruhani, həm də fiziki yönlərin hər ikisinə şamil olur.[3] “Hədid” surəsinin ümumi məzmunu: Surə yeddi hissədən ibarətdir: 1. Allahın təkliyi və sifətləri ilə bağlı əhatəli məlumat. 2. Quranın əzəməti və böyüklüyü. 3. Qiyamətdə mömin və münafiqlərin vəziyyətinin necə olmasına qısa işarə. 4. İmana və şirkin tərk edilməsinə çağırış, keçmişdə yaşamış bir qrup kafirin əhvalatı. 5. Allah yolunda xərcləmək. 6. Sosial ədalət. 7. Rahiblik və güşənişinliyin tənqidi.[4] Əvvəl, axır, aşkar, gizli: “Əvvəl” və “axır” ifadələri Allahın əzəli və əbədi olmasını bildirən çox incə ifadələrdir. Çünki O, sonsuz və varlığı vacib olan varlıqdır. Yəni varlığı kənardan deyil, Özündəndir, başlanğıcı yoxdur, sonu da olmayacaq, əzəldən olub, əbədi də olacaq. O, varlıq aləminin başlanğıcıdır, dünya məhv olduqdan sonra da olacaq. “Aşkar” və “gizli” ifadələri Onun bütün varlığı əhatə etməsini göstərir. Hər şeydən aşkardır, çünki hər şey Onun yaratdıqlarıdır. Hər kəsdən gizlidir, çünki zatı heç kəsə aydın deyil.[5] İmam Əli (ə) oğlu İmam Həsənə (ə) vəsiyyət edərkən belə buyurur: “O, əşyaların varlığından əvvəl, başlanğıcı olmadan, hər zaman əvvəl olub. Sonu olmayan axırdır.”[6] Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Ey Rəbbim! Sən hər şeydən əvvəl olmusan və Səndən əvvəl heç nə olmayıb. Sən hər şeydən sonrasan, Səndən sonra heç nə olmayacaq.”[7]   Göyləri və yeri altı gündə yaradan, sonra da qüdrət taxtında qərarlaşan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Harada olsanız, O, sizinlədir. Allah sizin nə etdiklərinizi görür. Göylərin və yerin mülkiyyəti (hökmranlığıl) Ona məxsusdur. Bütün işlər ancaq Ona doğru qaytarılacaqdır. O, gecəni gündüzə, gündüzü də gecəyə daxil edir. O, kökslərdə olanları bilir. Allaha və Onun elçisinə iman gətirin! Sizi Özünün canişini və nümayəndəsi etdiyi maldan (xeyirxah işlərə) sərf edin! Sizdən iman gətirib xərcləyənləri böyük bir mükafat gözləyir. Peyğəmbər sizi Rəbbinizə iman gətirməyə çağırdığı halda, nə üçün Allaha iman gətirmirsiniz? Əgər siz möminsinizsə, (bilin ki,) artıq O, sizdən (fitrətiniz və şüurunuzda) əhd almışdır. Sizi zülmətlərdən nura çıxartmaq üçün öz quluna açıq-aydın ayələri nazil edən Odur. Allah sizə qarşı şəfqətlidir, rəhmlidir. Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, nə üçün Allah yolunda xərcləmirsiniz? Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz (fəthdən sonra xərcləyənlərlə) eyni deyil. Onların dərəcəsi fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Allah onların hər ikisinə ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat vardır. ———————————————————————————— Harada olsanız, O, sizinlədir: Bu cümlə Allahın məkansız, zaman və məkanın fövqündə olduğunu göstərir. Buna görə də Allah hər yerdədir, hər şeyi əhatə edir.[8] Onun hər yerdə olmasını hiss etmək bir tərəfdən bizə böyüklük, digər tərəfdən isə əminlik, özünə güvən, şücaət və cəsarət bəxş edir, üçüncü bir tərəfdən isə insanda məsuliyyət hissini yüksəldir. Çünki insan Allahın hər yerdə olduğunu, insanı hər zaman gördüyünü hiss edir. Bu isə əslində, çox böyük tərbiyəvi əhəmiyyət daşıyır. Allah rəsulu (s) bir hədisində belə buyurmuşdur: “İnsanın imanının ən yüksək mərhələsi olduğu hər bir yerdə Allahın olduğunu hiss etməkdir.” Bir gün Musa (ə) Allaha “Səni harada tapım, Ey Rəbbim?” – deyə müraciət etdikdə Allaha belə buyurmuşdur: “Ey Musa! Nə zaman Məni istəsən, Mənə qovuşarsan”. Allahın hər zaman bəndə ilə bir yerdə olması o qədər incə və dəqiq məsələdir ki, hər bir düşünən mömin Onu öz düşüncə və imanı qədərində dərk edər.[9] İman, cihad və xərcləməkdə öndə gedənlər: “Fəth” deyilərkən Məkkənin fəthi və ya Hüdeybiyyə sülhü nəzərdə tutulur. “Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz” cümləsi göstərir ki, burada “Allah yolunda xərcləmək” deyilərkən cihad yolunda xərcləmək nəzərdə tutulur. Ayədən belə məlum olur ki, Allah yolunda xərcləməyə tələsmək Allah dərgahında daha sevimli və qiymətli bir əməldir.[10] Şübhəsiz ki, iman və xeyir əməllərdə başqalarını qabaqlayanların həm şücaəti və ayıqlığı çoxdur, həm də fədakarlıqları yüksəkdir. Buna görə də Allah qarşısında hamısı eyni deyil. Ayədə məhz buna, yəni fəthdən (Məkkənin fəthi, Hüdeybiyyə və ya bütün islami fəthlərdən) əvvəl xərcləyib döyüşənlərin Allah dərgahında başqaları ilə eyni olmamasına işarə edilmişdir. Əbu Səid Xudriyə istinad edilən bir məlumatda deyilir: Hüdeybiyyə sülhü imzalanan vaxt biz Allah rəsulu (s) ilə bir yerdə idik. Əsqələ (Məkkə yaxınlığında yer adı) çatanda buyurdu: “Gələcəkdə bir qrup insan gələ bilər ki, sizin əməllərinizi öz əməlləri ilə müqayisə edib sizin əməllərinizi kiçik görər.” Əbu Səid: “Onlar kimlərdir, ey Allahın rəsulu? Qüreyşlidirlərmi?” – deyə soruşduqda Allah rəsulu (s): “Xeyr, onlar Yəmən əhlidir. Onların qəlbi sizinkindən daha incə, daha yumşaqdır.” – deyə cavab vermişdir. Əbu Səid: “Onlar bizdən yaxşıdırlarmı, Ey Allahın rəsulu?” – deyə soruşduqda Allah rəsulu (s): belə cavab vermişdir: “Əgər onların hər birinin qızıldan bir dağı olsa və onu Allah yolunda xərcləsə, mükafatı sizin xərclədiyinizin mükafatının bir müddü (750 qramı) və ya onun yarısı qədər də etməz. Bilin ki, bu, bizimlə başqa insanlar arasında olan fərqdir. Allah kəlamı da bunu təsdiq edir: “Fəthdən əvvəl Allah yolunda xərcləyib döyüşənləriniz (fəthdən sonra xərcləyənlərlə) eyni deyil…”[11] Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin? Bu ayədə də insanları Allah yolunda xərcləməyə həvəsləndirmək üçün maraqlı bir cümlə işlədilmişdir. Bütün nemətlərin sahibi Allahdır, varlığımızın bütün zərrələri hər an Onun sonsuz mərhəmət dənizindən faydalanır. Ancaq bununla belə, Allah bizi malların sahibi saymış, bizdən borc almaq istədiyini buyurmuş, adi borclardan fərqli olaraq əvəzini bir neçə qat, hətta yüzlərlə, bəzən minlərlə dəfə artıq qaytaracağını buyurmuş, bundan əlavə, yalnız Allaha məlum olan böyük mükafat verəcəyini vəd etmişdir.[12] Qeyd etməliyik ki, “Allaha borc vermək” deyilərkən Onun yolunda edilən bütün yardımlar nəzərdə tutulur. Bunun ən böyük nümunələrindən biri İslam hökumətinin idarəçiliyə sərf etməsi üçün Peyğəmbər və müsəlmanların imamlarına verilən köməklərdir. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Allahın bəndələrdən borc istəməsinin səbəbi ehtiyac deyil. Əslində, Allahın Özünə aid olan hüquqlar Onun vəli və nümayəndəsinə də aiddir.” İmam Kazim (ə) belə buyurmuşdur: “Bu ayə imama hədiyyə və yardım etməklə bağlı nazil olmuşdur.”[13]   O gün sən mömin kişi və qadınların nurunun onların önlərindən və sağ tərəflərindən sürətlə hərəkət etdiyini görəcəksən. (Onlara deyəcəklər:) “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur. O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “Bizə nəzər salın ki, nurunuzdan işıq alaq” – deyəcəklər. Onlara deyiləcəkdir: “Geriyə qayıdıb işıq qazanın!” Bu vaxt onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. Onları çağırıb deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?” (Möminlər) deyəcəklər: “Bəli, lakin siz öz-özünüzü məhv etdiniz, (Peyğəmbərin ölməsini) gözlədiniz, (hər şeyə) şübhə edirdiniz və Allahın əmri gələnədək xülyalar sizi yoldan çıxartdı. Kələkbaz şeytan sizi Allah (Allahın fərmanı) qarşısında aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Yeriniz oddur. Haminiz də elə odur. Ora nə pis yerdir!” Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan qarşısında müti olmasının, daha öncə səmavi kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxu da günahkar olmuş kimsələr kimi olmamasının vaxtı gəlib çatmayıbmı? Bilin ki, Allah, torpağı öldükdən sonra dirildir. Biz ayələri sizə izah etdik ki, bəlkə düşünəsiniz. Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar və (bu yolla) Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox qiymətli mükafat da vardır. ——————————————————————————– Mömin kişi və qadınların nuru onların önlərindən və sağ tərəflərindən sürətlə hərəkət edəcək: Təfsirçilər “nur” sözü ilə bağlı müxtəlif fikirlər irəli sürsələr də, burada iman nurunun təcəssüm edəcəyi aydın məsələdir. “Nuruhum” (onların nuru) ifadəsi də bunu deməyə əsas verir. Çünki həmin gün insanların inancları, etiqadları, əməlləri təcəssüm edəcək, başdan-başa nur olan iman aşkar işıq və parlaqlıq kimi təcəssüm edəcək, mütləq qaranlıq olan küfr isə qaranlıq formasında təcəssüm edəcək. “Yəs’a” (sürətlə hərəkət edəcək) ifadəsi onu göstərir ki, möminlər özləri də sürətlə məhşərdən Cənnətə, əbədi səadət mərkəzinə doğru hərəkət edəcəklər. Çünki möminlərin nurlarının sürətli hərəkəti onların özlərindən ayrı hərəkət olmayacaq. Diqqət çəkən cəhət budur ki, burada iki – möminlərin önündə və sağ tərəfində hərəkət edən nurdan söhbət açılmışdır. Bəlkə də bununla möminlərin iki qrupa, yəni nurları özlərindən irəlidə hərəkət edən yaxın möminlərə və nurları sağ tərəflərində hərəkət edən sağ tərəf yoldaşlarına bölünəcəyinə işarə edilmişdir. Bildiyimiz kimi, əməl dəftərləri sağ tərəf möminlərinin sağ əlinə veriləcək. Bu da onların sağ tərəfinə nur saşacaq və ətraflarını nura boyayacaq. Hər halda bu nur onları Cənnətə doğru aparacaq, onlar bu nurun sayəsində Cənnət yolunu sürətlə qət edəcəklər. Digər tərəfdən, bu nur iman və saleh əməldən qaynaqlandığı üçün iman və əməlin dərəcəsindən asılı olaraq fərqli olacaq. İmanları daha güclü olanların nurları daha böyük ərazini işıqlandıracaq, imanları zəif olanların nuru da zəif olacaq. Qumminin təfsirində belə yazılmışdır: “Qiyamət günü nur insanlar arasında imanların ölçüsündən asılı olaraq paylanacaq.”[14] Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcək: “Sur” keçmişdə şəhərləri qorumaq üçün onların ətrafına çəkilən, müəyyən məsafələrdən bir gözətçi bürcləri olan divara deyilir. Ayədə qeyd edilir ki, bu divarın içi rəhmət, çölü əzabdır. Yəni möminlər bu bağın içində olan şəhər sakinləri, münafiqlər isə həmin hasardan kənarda qalan yadlar kimidir. Onlar vahid cəmiyyət daxilində bir yerdə yaşasalar da, onları bir-birindən etiqad və əməllərdən ibarət böyük bir divar ayırır.[15] İman neməti möminlər üçün zövq aldıqları böyük bir nemətdir. Bu böyük nemət münafiqlər üçün böyük bir əzabdır. Çünki onlar özlərini bu vasitə ilə sevdirməyə çalışdıqları halda, bundan əziyyət çəkirdilər. Qiyamətdə də bu məna təcəssüm edəcək.[16] Bəs görəsən həmin divardakı qapı nə üçündür? Bəlkə də ona görədir ki, münafiqlər həmin qapıdan Cənnət nemətlərini görüb həsrət çəksinlər, ya da günahı çox olmayan insanların islah olduqdan sonra həmin qapıdan keçib möminlərə qovuşması üçündür.[17] Qəflət və xəbərsizlik nə vaxta qədər olacaq? “Təxşa” sözünün kökü “xüşu”, mənası böyük həqiqət və ya böyük şəxsiyyət qarşısında insanın ruhunda və cismində yaranan təvazökarlıq vəziyyətidir. Məlumdur ki, Allahı xatırlamaq insanın ruhunun dərinliklərinə nüfuz etsə və ya insan Peyğəmbərə (s) nazil edilmiş ayələr haqqında dərindən düşünsə, təvazökar olar. Ancaq Quranın bu ayəsində Allah bu cür məsələlərdə təvazökar olmadıqları, keçmiş ümmətlər kimi, nəticəsi qəlblərin sərtləşməsi və günah olan qəflətə qapıldıqları üçün bir mömini məzəmmət edir. İman iddiası ilə kifayətlənmək, bu cür mühüm məsələlərin kənarından asanlıqla keçmək, özünü dəbdəbəli həyat qoynuna atmaq, naz-nemət içində yaşamaq, davamlı olaraq kef-damaq içində ömür sürmək imanla uyğun gəlirmi?[18] Allaha və Onun elçilərinə iman gətirənlər siddiqlər (əməli ilə sözləri düz gələn, düzgünlüyün kamil nümunəsi olanlar) və öz Rəbləri yanında olan şəhidlərdir. Əməllərinin mükafatı və imanlarının nuru onlar üçündür. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə, onlar Cəhənnəm sakinləridir. Bilin ki, dünya həyatı təkcə oyun və əyləncə, dəbdəbə, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun saralıb solduğunu, sonra isə samana çevrildiyini görürsən. Axirətdə ya şiddətli əzab var, ya da bağışlanma və razılıq. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun elçilərinə iman gətirənlər üçün hazırlanmış Cənnətə tələsin. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah böyük lütf sahibidir. Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz yer kürəsini yaratmamışdan əvvəl lövhi-məhfuzda yazılmasın. Bu, Allah üçün çox asandır. Bu, ona görədir ki (bunu ona görə belə izah edirik ki), itirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz. Allah özünü öyən heç bir təkəbbürlünü sevmir. O kəsləri ki, özləri xəsislik edir, insanları da xəsislik etməyə çağırırlar. Kim (bu əmrdən) üz çevirsə, (Allaha deyil, özünə ziyan vermiş olur.) Allah ehtiyacsızdır, tərifəlayiqdir. ————————————————————————————- Dünya həyatı aldadıcı ləzzətdən başqa bir şey deyildir: Bu ayədə dünya həyatı, onun müxtəlif mərhələləri və bu mərhələlərə hakim motivasiyaların obrazlı təsviri verilmişdir. Ayədə insan ömrünün beş mərhələyə bölündüyü qeyd edilmişdir: 1. Xəbərsizlik, oyun və qayğısızlıq içində keçən uşaqlıq dövrü. 2. Oyunu əyləncənin əvəz etdiyi yeniyetməlik dövrü. Yeniyetmə onu məşğul edə biləcək, başını qatacaq vasitələr axtarışında olur, ciddi məsələlərdən uzaq olur. 3. İnsanın eşq, həvəs və dəbdəbə axtarışında olduğu gənclik dövrü. 4. Vəzifə, mövqe və qürurverici hisslərin insanı özünə cəlb etdiyi dövr. 5. İnsanın mal, sərvət, var-dövlət yığmaq həvəsində olduğu, adamlarının sayının çox olmasını istədiyi dövr. Ömrün ilk mərhələlərinin zamanı təxminən bəllidir. Ancaq sonrakı mərhələlərin hansı yaşlarda başladığı ayrı-ayrı adamlarda fərqli olur. Məsələn, var-dövlət, sərvət toplamaq ömrün sonuna qədər davam edir. Bəzilərinin fikrincə bu beş dövrün hər birinin müddəti səkkiz il çəkir. Deməli, üst-üstə qırx il edir. İnsan qırx yaşına çatanda onun şəxsiyyəti formalaşır. Bəzi insanların şəxsiyyəti birinci və ikinci mərhələdə dayanır, qocalana qədər yalnız əyləncə, kef-damaq fikrində olur və yaxud dəbdəbə xəyalı ilə yaşayır, ömrünün sonuna qədər bütün fikri, xəyalı ev, minik, gözəl geyim və sair olur. Bunlar ixtiyar yaşında olan uşaqlar və ya uşaq ruhiyyəsində olan qocalardır. Daha sonra ayədə dünyanın əvvəli və sonunun necə olacağı sadə bir misalla insanın gözləri önündə təcəssüm etdirilir. İnsanın yetmiş il və ya daha uzun illər qət etdiyi bu mərhələlər bir neçə aylıq ömrü olan bitki həyatında təzahür edir. İnsan tarla kənarında oturub müxtəsər müşahidə ilə ömrün əvvəl və sonunun necə olduğunu və necə keçdiyini müşahidə edə bilər.[19] 22-23. Nə təəssüf, nə sevinc: Quran ayələrinə əsasən belə qənaətə gəlmək olar ki, insanın başına gələn müsibətlər iki qrupa bölünür: 1. İnsanın günahlarının cəzası olan müsibətlər. Zülm, haqsızlıq, ədalətsilik, xəyanətlər, azğınlıq və sair günahlar müsibətlərin çoxunun mənşəyidir (Şura-30). 2. Bizdən asılı olmayan, baş verməsi qəti olan qaçılmaz müsibətlər. Peyğəmbərlər və övliyaların çoxunun başına bu cür müsibətlər gəlir. Ayədə bu müsibətlərdən bəhs edilir, onların lövhi-məhfuzda qeyd edildiyi deyilir. Buna görə də insan bu dünyanın bəzək-düzəyinə bağlanmamalıdır. Çünki bu bağlılıq insan xöşbəxtliyinin ən böyük düşmənidir, ona Allahı unutdurur, kamillik hərəkətindən saxlayır. Bu müsibətlər qafillərin oyanış zəngi, dünyanın əbədi olmaması və ömrün qısa olmasının rəmzidir. İmanlı insanlar bu ayəni rəhbər tutaraq Allah tərəfindən bəxş edilmiş nemətin onlara əmanət verildiyini düşünür, onun getməsinə görə kədərlənmir, ona malik olduqları üçün sevinmir, onun çoxluğu içində məst olub özlərindən getmirlər. Onlar özlərini Allahın malının əmanətçiləri hesab edirlər. Bir gün külli miqdarda sərvət əldə edir, ertəsi gün onu minlərlə, milyonlarla xərcləyir. Nə onu əldə etdikləri üçün sevinir, nə də onu əldən verdiklərinə görə kədərlənirlər. İmam Əli (ə) bu ayə haqqında belə buyurmuşdur: “Bütün zahidlik iki söz arasındadır. Allah-taala belə buyurur: “İtirdiyinizə kədərlənməyəsiniz və Onun sizə verdiyinə sevinməyəsiniz.” Deməli, keçmişinə təəssüflənməyən, gələcəyə sevinməyən şəxs zahidliyi bu ikisindən əxz etmişdir.”[20] Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə kitab və (haqqı batildən ayıran, ədalətli qanunları təyin edən) tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, (Onu) görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Allah qüvvətlidir, qüdrətlidir. Biz Nuhu və İbrahimi göndərdik, bu ikisinin nəslinə peyğəmbərliyi və kitabı nəsib etdik. Onların bir qismi doğru yoldadır, çoxu isə günahkarlardır. Sonra onların ardınca digər elçilərimizi yolladıq. Sonra Məryəm oğlu İsanı göndərib ona İncil bəxş etdik. Onun ardınca gedənlərin qəlblərinə şəfqət və mərhəmət saldıq. Onların özlərindən icad etdikləri rahibliyi onlara biz göstəriş verməmişdik. Baxmayaraq ki, məqsədləri Allahın razılığını qazanmaq idi, lakin ona lazımi qaydada riayət etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin ki, sizə öz mərhəmətindən iki pay bəxş etsin: sizə (insanlar arasında və öz həyat yolunuzda) getməyiniz üçün nur versin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir. Kitab əhli bilsin ki, onlar Allahın lütfündən heç bir şey əldə edə bilməyəcəklər. Bütün lütfkarlıq (və mərhəmət) Allahın əlindədir, onu istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir. —————————————————————————————– Peyğəmbərlərin göndərilməsinin əsas məqsədi: Bu ayədə üç prinsip ədalətin bərqərar edilməsinin giriş şərtləri kimi təqdim edilmişdir: aydın dəlillər, kitab və tərəzi.[21] “Aydın dəlillər” ifadəsinin məna yükü çox əhatəlidir, peyğəmbərlərin gətirdikləri möcüzələrə və əqli dəlillərə şamil olur. “Kitab” deyilərkən səmavi kitablar nəzərdə tutulur. Səmavi kitabların hamısının ruhu və həqiqəti eyni olduğu üçün “kitab” sözü tək halda işlədilmişdir. Sadəcə, zaman keçdikcə və insanların idrakı dərinləşdikcə onların məzmunları daha da təkmilləşdirilmişdir. Mizan ölçmək və miqyas təyin etmək üçün olan vasitədir. Bu ölçü vasitəsinin hiss olunan nümunələrindən biri də tərəzidir. Ancaq şübhəsiz ki, burada mənəvi ölçü vasitəsi nəzərdə tutulmuşdur. Yəni insanların bütün əməllərinin ölçülə biləcəyi bir vasitədir. Ümumi mənada bu vasitə Allahın hökmləri və qanunları və ya Allahın dinidir. Allahın dini yaxşı və pis əməllərin, dəyərlərin və dəyərə zidd davranışların meyarıdır.[22] Bəzi təfsirçilər bu ayəni şərh edərkən cəmiyyətdə ədalətin bərqərar olmasında üç faktorun əsaslı rol oynadığını qeyd etmişlər: 1. Ədalət və zülmün sərhədlərini aydınlaşdıran qanun. Bu qanun sayəsində haqq və ədalət təcavüzdən fərqləndirlir. 2. Cəmiyyətdə qanunun mətnini icra edən ədalətli icraçı. 3. Mühakimə zamanı ədalətli qərar qəbul edən ədalətli hakim. Buna görə də peyğəmbərlər bəzən mühakimə və icra zamanı mövcud ixtilaflara son qoyur, bəzən də öz əmrləri ilə ixtilafların qarşısını alırlar.[23] Maraqlıdır ki, ədalətin bərqərar edilməsi vəzifəsi peyğəmbərlərə aid edilmir. Ayədə buyurulur ki, insanlar özləri ədaləti bərqərar etsinlər. Ən doğrusu da elə məhz budur, ədalət cəmiyyətə məcbur edilməli deyil, cəmiyyət özü ədaləti istəməlidir, ədalət cəmiyyətin öz arasından yüksəlməlidir.[24] Diqqət çəkən məqamlardan biri də odur ki, kitab və tərəzinin endirilməsi məsələsi qeyd edildikdən sonra dəmirin göndərilməsindən və onun heyrətamiz qüvvəyə malik olduğundan danışılır. Bəlkə də burada dəmirdən danışılması iki cəhətlə bağlıdır, başqa sözlə, ədaləti bərqərar etmənin yolu iki vasitədən keçir: 1. Qəlbləri pak olan insanlar üçün faydalı ola biləcək təlim və təbliğ yolu; 2. Məntiqə boyun əyməyən və itaətsizlik göstərən qruplar üçün zor və məcburiyyət yolu.[25] Rahilbik qondarma metoddur: “Rəhbaniyyət” (rahiblik) qorxu deməkdir. Onunla daha çox Allahdan qorxmaq nəzərdə tutulur. Bu ayədən belə başa düşülür ki, xristianlıqda rahiblik vacib deyil, müəyyən mənada mövcud olmuş bir ayin olmuşdur. Ancaq xristianlar onu təhrif etmişlər. Buna görə də İslamda sözügedən rahiblik kəskin şəkildə tənqid edilir. Məşhur hədislərin birində belə deyilir: “İslamda rahiblik yoxdur”. Xristianların rahiblik məsələsində özlərindən icad etdikləri qanunlardan biri tərki-dünya kişi və qadınlara ailə qurmağın qadağan edilməsi, cəmiyyətdən kənarlaşma adətinin təbliğ edilməsi, insanın cəmiyyət qarşısındakı vəzifələrinin pozulması, ibadət etmək üçün ucqar ibadətxanaların seçilməsi, cəmiyyətdən uzaq bir mühitdə yaşamaqdır. İnsan cəmiyyətdə yaşamaq üçün yaradılmış bir varlıqdır, onun maddi və mənəvi təkamülü də ictimai həyatla şərtlənir. Buna görə də səmavi dinlərdən heç biri insana aid olan bu cəhəti ona qadağan etməmiş, əksinə, onun əsaslarını daha da möhkəmləndirmişdir. Allah-taala insanda nəsil artırmaq üçün cinsi istək yaratmışdır. Bu xüsusiyyəti qadağan edən hər bir hökm yanlışdır. Bir gün Peyğəmbər (s) İbn Məsuda belə buyurur: “Bilirsən rahiblik haradan yaranıb?” O belə cavab verir: “Allah və peyğəmbəri daha yaxşı bilir.” Peyğəmbər (s) buyurur: “İsadan (ə) sonra bir dəstə zülmkar peyda oldu. Möminlər onlara qarşı üç dəfə mübarizəyə qalxdılar, ancaq hər üçündə məğlub oldular. Bundan sonra çöllərə düşdülər və İsanın (ə) vəd verdiyi Peyğəmbərin (s) gəlməsi ümidi ilə mağaralarda ibadətlə məşğul olmağa başladılar. Onların bəzisi öz dinlərində qalsa da, bəzisi kafir oldu.” Sonra Peyğəmbər (s) belə buyurur: “Bilirsən ümmətin rahilbiyi nədir?” İbn Məsud: “Allah və rəsulu daha yaxşı bilir”, – deyə cavab verir. Peyğəmbər (s) buyurur: “Hicrət, cihad, namaz, oruc, həcc, ümrə”. Yaddan çıxarmaq olmaz ki, İslamda sadə həyat tərzi, dəbdəbədən uzaq olmaq, mal və vəzifənin əsarət boyunduruğuna boyun əyməmək mənasında olan zahidliyin rahibliklə heç bir əlaqəsi yoxdur. Çünki rahiblik cəmiyyətdən təcrid olmaq, zahidlik isə sosial yaşamaq üçün azadlıq və təvazökarlıqdır. [26]   [1] Nümunə, c.23, səh.268 [2] Təfsiri-mövzui, c.1, səh.371 [3] Nümunə, c.23, səh.272 [4] Nümunə, c.23, səh.291 [5] Nümunə, c.23, səh.298 [6] Nəhcül-bəlağə, 31-ci məktub [7] Pəyame-Quran, c.4, səh.189 [8] Pəyame-Quran, c.4 ,səh.260 [9] Nümunə, c.23, səh.307 [10] Əl-Mizan, c.19, səh.160 [11] Nümunə, c.23, səh.325 [12] Nümunə, c.23, səh.321 [13] Nümunə, c.23, səh.326 [14] Nümunə, c.23, səh.329 [15] Nümunə, c.23, səh.332 [16] Əl-Mizan, c.19, səh.163 [17] Nümunə, c.23, səh.332 [18] Nümunə, c.23, səh.341 [19] Nümunə, c.23, səh.351 [20] Nümunə, c.23, səh.362 [21] Pəyame-Quran, c.7, səh.23 [22] Nümunə, c.23, səh.371 [23] Mənşuri-cavid,c.10, səh.45 [24] Pəyame-Quran, c.7, səh.23 [25] Mənşuri-cavid, c.10, səh.44 [26] Nümunə, c.23, səh.384

Məqalə 15.02.2025

“Vaqiə” surəsi

  “Vaqiə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Böyük hadisə (Qiyamət) qopacağı zaman, heç kəs onu inkar edə bilməz. Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, dağlar bir-birinə çırpıldığı və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman siz üç dəstəyə ayrılacaqsınız. (Birinci dəstə:) Xöşbəxtlər. Onlar necə də xoşbəxtdirlər! (İkinci dəstə:) Bədbəxtlər. Onlar necə də bədbəxtdirlər! (Üçüncü dəstə:) Öndə gedənlər, öndədirlər! Onlar (Allaha) yaxın olanlar Cənnətin nemət dolu bağlarında (olacaqlar). Onların çoxu əvvəlki nəsillərdən, az bir qismi də sonunculardandır. Onlar sıraya düzülmüş və bir-birinə birləşdirilmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. ———————————————————————————- “Vaqiə” surəsinin ümumi məzmunu: Bu surədə Qiyamət və onun xüsusiyyətlərindən bəhs edilir. Bu məzmun surənin ayələrinin çoxunu əhatə edir.[1] 1-3. Böyük hadisə: Baş verəcəyi qəti olduğu üçün Qiyamət “Vaqiə” (hadisə) adlandırılmışdır. Hətta bəziləri hesab edir ki, o, Qiyamətin adlarından biridir. Bəzi təfsirçilər “kazibə” (yalan) sözünü məsdər kimi götürərək onu Qiyamətin heç kəsin inkar və təkzib edə bilməyəcəyi şəkildə zahir olacağı kimi izah etmişlər. Bəziləri isə bu sözü feli sifət kimi götürərək Qiyaməti heç bir kəsin inkar etməyəcəyi şəklində izah etmişlər. Hər halda Qiyamətdə təkcə kainat deyil, insanlar da dəyişəcək. 3-cü ayədə də buna işarə edilmişdir: “Bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.” İtaət göstərməyən təkəbbürlülər və yuxarı başda əyləşən zalımlar tənəzzülə uğrayacaq, zəif və məzlum möminlər, saleh bəndələr yüksək zirvələrə qaldırılacaqlar. Bir dəstə Cəhənnəm dərəsinə yuvarlanacaq, bir dəstə Cənnətin ən yüksək yerində qərarlaşacaq. İmam Səccadın (ə)  bu ayənin təfsirini ehtiva edən bir hədisində belə buyurulur: “Qiyamət alçaldandır. And olsun Allaha, o, Allahın düşmənlərini oda atacaqdır. Qiyamət ucaldandır. And olsun Allaha, o, Allahın dostlarını uca Cənnətə qaldıracaqlar.”[2] 7-14. Üç dəstə insan: Bu ayədə Qiyamət günü insanların vəziyyətinin necə olacağından və üç dəstəyə – öndə gedənlər, xoşbəxtlər və bədbəxtlərə bölünəcəklərindən danışılır. Möminlərin əmiri İmam Əlinin (ə)  bir hədisi bu mənanı yaxşı izah edir: 1. Yaxşı işdə öndə gedənlər xilas olacaq; 2. Əməldə gecikənlər bağışlanmaya ümid edəcəklər; 3. Vəzifələrinə laqeyd yanaşmış, nəfslərinin istəklərinə tabe olanlar Cəhənnəm oduna yuvarlanacaqlar.[3] Birinci “öndə gedənlər” ifadəsi ilə xeyir işdə öndə gedənlər, ikinci “öndə gedənlər” ifadəsi ilə isə Allahın rəhmət və mərhəmətinə ilk daxil olanlar nəzərdə tutulur. Onlar xeyir işlərdə öndə getdikləri üçün rəhmət və mərhəmət ilk olaraq onlara şamil olacaq, onların yeri Cənnətdir. Allah-taala bu dəstənin insanlarını dərgahına yaxın bəndələr adlandırır. Onlar ən xoşbəxt insanlardır. Bu məqam yalnız iradə və əməli ilə öz sahibinə tam itaət göstərən, yalnız onun istəklərini yerinə yetirən insanlara aiddir. Bu məqam Allahın himayəsi altına tam keçmək deməkdir. Onlar Allahın dostlarıdırlar.[4] Xeyir işlərdə önə keçmək ağıl parlaqlığının və qəlb səfasının nişanəsidirsə, bu qiymətli gövhərin başqa təsirləri də olacaqdır. Allah-taala “Muminun” surəsinin 57-61-ci ayələrində öndə gedənlərdən danışarkən onların xüsusiyyətlərini belə sıralayır: Rəblərinin qorxusundan əsim-əsim əsirlər, Rəblərinin ayələrinə iman gətirirlər, Rəblərinə şərik qoşmurlar, maliyyə öhdəliklərini yaxşı yerinə yetirirlər. Qəlblərində hər zaman Allah qorxusu var. Bu qorxu ona görədir ki, qayıdışa inanırlar. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər.[5] Öndə gedənlərin çoxu keçmiş ümmətlərdəndir. Keçmiş ümmətlərin bir yerdə yüz iyirmi dörd min məsum peyğəmbəri olmuşdur. Bu ümmətin isə cəmi on dörd məsumu var. Məsumlar istisna olmaqla, İslam ümmətinin neçə nəfərinin bu dəstəyə aid olduğunu qətiyyətlə söyləyə bilmərik.[6] İbn Abbas Peyğəmbərdən (s) “öndə gedənlər, öndədirlər!” ayəsinin mənası haqqında soruşduqda Peyğəmbərin (s) Cəbrayilin (ə) bu barədə belə xəbər verdiyini buyurur: “Onlar Əli və onun Cənnətə doğru öndə gedən ardıcıllarıdır, Allah onlara ehtiram göstərdiyi üçün Allah dərgahına yaxın olan adamlardır.”[7] Əbədi təravət və əzəmətə malik (xidmətçi) yeniyetmələr onların ətrafında fırlanacaqlar; Cənnətdə axan bulaqlardan (pak şərab) doldurulmuş badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, seçdikləri hər növ meyvələr və ürəklərindən keçən quş əti ilə. Onlar üçün iri qaragözlü hurilər var – sədəf içində gizlənmiş mirvariyə bənzər (hurilər). Bunlar onların etdikləri əməllərin mükafatıdır. Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər. Eşidəcəkləri yeganə söz “salam! Salam!” olacaq. Sağ tərəf yoldaşları və xoşbəxtlər. Nə xoşbəxtdir sağ tərəf yoldaşları! Onlar tikansız sidr ağacları arasında, bol yarpaqlı “təlh” ağacının kölgəsində, uzanmış kölgəlikdə, şəlalələr kənarında, bol meyvələr, tükənməz və qadağan edilməyən (meyvələr) içində uca məqamlı həyat yoldaşları ilə olacaqlar. Biz onlara (qadınlara) yeni biçim bəxş edəcəyik Onları bakirə qızlar edəcəyik – ərlərini sevən, gözəl danışan həmyaşıdlar. Bunlar hamısı sağ tərəf sahibləri üçündür. Onların bir qismi əvvəlki nəsillərdən, bir qismi də sonunculardandır. Sol tərəf yoldaşları. Nə bədbəxtdir sol tərəf yoldaşları! Onlar öldürücü küləklər və qaynar su içində, qalın və yandırıcı tüstülərin kölgəsində olacaqlar. O, nə sərindir, nə də rahatlıq gətirən. Onlar bundan əvvəl (dünyada) nemət içində məst olmuşdular, böyük günah işlətməkdə israr edirdilər və deyirdilər: “Biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik? Yaxud bizim əcdadlarımız (dirildiləcəklərmi)?” De: “Əvvəlkilər də, sonrakılar da, hamısı vəd edilmiş bəlli bir gündə toplanılacaqlar. ———————————————————————————- Cənnətin ağaclarının ifadəli təsviri: Bu ayədə Cənnətin ağacları dilimizdə işlənən sözlərin imkanları çərçivəsində ifadəli şəkildə təsvir edilmişdir. Belə ki, sidr hündürlüyü qırx metrə çatan iri bir ağacdır. Deyilənə görə iki min il yaşayır, çox böyük və zərif kölgəsi olur. Bu ağacın yeganə nöqsanı tikanlı olmasıdır. Ancaq Allah-taala Cənnətdə bu ağacın tikansız olacağını buyurur. Peyğəmbər (s) hədislərinin birində belə buyurmuşdur: “Allah o Cənnət ağacının tikanlarını təmizləyib və hər tikanın yerinə meyvə bitirib, hər meyvənin heç biri digərinə bənzəməyən yetmiş iki növ qidası vardır.”[8] 35-37. Cənnətdəki həyat yoldaşlarının təsviri: Bu ayələrdə Cənnətdəki həyat yoldaşlarının gözəlliyini ifadə edən dörd xüsusiyyətə işarə edilmidşir: Biz onlara yeni biçim bəxş edəcəyik. Yəni biz onları xüsusi görkəmdə və xüsusiyyətdə yaradacağıq. Gənc, yaşlı, gözəl və çirkin olmasından asılı olmayaraq, həyat yoldaşları Cənnətdə gəncliyin, gözəlliyin və cazibənin ən yüksək zirvəsində olacaqlar; Hamısını bakirə edəcəyik; Onlar yalnız öz həyat yoldaşlarını sevəcəklər. “Urub” sözü mənası öz həyat yoldaşına qarşı mehriban olan, yalnız ona naz-qəmzə edən, yalnız öz həyat yoldaşının aşiqi olan “ərub” sözünün cəmidir.[9] Bir-birinin hisslərini tam dərk etmək üçün həmyaşıddırlar, bir yerdə yaşamaq onlar üçün çox zövqlüdür.[10] Sağ tərəf yoldaşları: “Yəmin” ərəbcə sağ tərəfə deyilir. Sağ tərəf yoldaşları, yəni Allahın sınağından uğurla adlamanın göstəricisi olaraq əməl dəftərinin sağ əllərinə verilmiş xoşbəxt insanlar. “Süllət” sıx cəmiyyət deməkdir. Bu ayəyə əsasən həm özləri, həm də peyğəmbərlərinin sayı çox olduğu üçün keçmiş ümmətlərin öndə gedənlərinin sayı İslam ümmətinin öndə gedənlərinin sayından çoxdur. Buna görə də sağ tərəf yoldaşlarının çox hissəsini keçmiş ümmətlər təşkil edəcək. İslam ümmətinin də böyük bir hissəsi sağ tərəf yoldaşlarından olacaq. Çünki bu ümmətin də əməlisaleh və mömin bəndələri çoxdur.[11] Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Mən ümidvaram ki, Cənnət sakinlərinin yarısını mənim ümmətim təşkil edəcək.” Sonra Peyğımbər (s) bu ayələri buyurmuşdur: “Onların bir qismi əvvəlki nəsillərdən, bir qismi də sonunculardandır.” Sağ tərəf yoldaşları Quranda üç mərhələ üzrə səciyyələndirilmişdir: 1. Dünya həyatında. Onlar Allahın əmr və qadağalarına tabe olurlar, dinin vaciblərinin çarxını əzmkarlıqla və usanmadan fırladırlar. Allaha bəndəlik vəzifəsini yerinə yetirməklə yanaşı başqalarını da buna cəlb edirlər (Bələd-11-18). 2. Ölüm vaxtı. Həmin vaxt üzləri gülür, tam rahatdırlar, heç bir narahatlıq onları incitmir (Vaqiə-90-91). 3. O biri dünyada. Əməl dəftərləri sağ əllərinə verilir. Sorğu-sualları asan olur, yoldaşlarının yanına böyük sevgi və fərəh içində qayıdırlar, Cənnətin ən yüksək yerində qərarlaşırlar. Cənnətin növbənöv nemətlərini heç bir zəhmət çəkmədən əldə edirlər (Haqqə-19, İnşiqaq-7-9, Haqqə-22-24).[12] Onlar nemət içində məst olmuşdular: Bu ayə sol tərəf yoldaşlarının cəhənnəmlik olmasının səbəbini onların nemətlər çoxluğundan yollarını azıb başlarını itirmələri ilə izah edir. “Mutrəfin” gününü Allahın nemətləri ilə xoş keçirib, buna görə də itaətsizlik göstərən şəxslərə deyilir. Onlar nemətlərin zövqü ilə elə sərməst olurlar ki, ondan yuxarısını unudurlar. Təbii ki, “mütrəfin” heç də yalnız varlı adamlar demək deyil, dünya malından nəsibinin az olmasına baxmayaraq, əlində olana tamamilə Allahı unudacaq dərəcədə bağlanan insan da ola bilər. Bu cür insanlar da “mütrəflər” sırasına daxildir.[13]     Sonra, siz ey (doğru yoldan) azanlar, (haqqı) yalan sayanlar! Mütləq, zəqqum ağacından yeyəcəksiniz, qarınlarınızı onunla dolduracaqsınız, üstündən də qaynar su içəcəksiniz. Onu susuzluq xəstəliyinə tutulmuş dəvələr kimi içəcəksiniz”. Bu onların haqq-hesab günündəki ziyafətidir. Biz sizi yaratdıq. Bəs nə üçün (yenidən yaradılışı) təsdiq etmirsiniz? Rəhimlərə axıtdığınız nütfədən xəbərdarsınızmı? Onu siz yaradırsınız, yoxsa Biz? Aranızda ölümü Biz müəyyən etdik və heç kəs Bizdən önə keçə bilməz. Bir dəstəni başqa bir dəstənin yerinə gətirərik və sizə bilmədiyiniz bir dünyada yeni yaradılış bəxş edərik (kimsə Bizdən önə keçə bilməz). Siz birinci dünyadan xəbərdar oldunuz. Bəs necə olur ki, (ondan sonra bir dünyanın olacağını) xatırlamırsınız? Heç əkdiyiniz barəsində düşünürsünüz? Onu siz cücərdirsiniz, yoxsa Biz cücərdirik? Əgər Biz istəsək, onu döyülmüş saman çöpünə döndərər, siz də heyrətlənərsiniz (və deyərdiniz): “Doğrusu, biz ziyana uğradıq. Daha doğrusu, tamamilə məhrum olduq!” İçdiyiniz su haqqında düşündünüzmü? Onu buluddan siz endirmisiniz, yoxsa Biz endiririk? Əgər istəsək, bu şirin suyu acı və şor edərik. Bəs nə üçün şükür etmirsiniz? Yandırdığınız od haqqında düşünmürsünüzmü? Onun ağacını siz yaratmısınız, yoxsa Biz yaratmışıq? Biz onu yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq. Elə isə Ulu Rəbbinin adına təriflər de! Ulduzların (doğduğu və batdığı) yerlərinə and olsun! Kaş bunun çox böyük bir and olduğunu biləydiniz. ————————————————————————————– 58-59. İnsanın mürəkkəb varlığına diqqət: Nütfə üzərində aparşdırma aparan alimlər belə qənaətə gəliblər ki, insanın yaranmasında sperma (kişinin nütfəsi) və toxum (qadının nütfəsi) birləşməsi rol oynayır. Sperma çox kiçik mikroskopik bizquyruqlardır. Hər axıdılan miqdarda iki milyondan beş milyonadək bizquyruq ola bilər. Bu kiçik varlıq qadının nütfəsi ilə birləşdikdən sonra sürətlə inkişaf edir, başgicəlləndirici şəkildə çoxalaraq insanın bədən hüceyrələrini yaradır. Bu hüceyrələr zahirən bir-birinə bənzəsə də, qruplar şəklində ayrılaraq bir qrupu ürəyi, başqa bir qrupu əlləri, ayağı, bir başqası qulağı, gözləri təşkil edir və hər biri özünə aid yerdə qərarlaşır. Nə ürəyi təşkil edən hüceyrələr böyrəyin yerinə gedir, nə də böyrəyi təşkil edən hüceyrələr ürəyin yerinə. Xülasə, nütfə döl vaxtı heyrətamiz aləmlər qət edir, nəhayət, körpə surətində dünyaya gəlir. Bütün bunlar Allahın davamlı idarəçiliyi sayəsində baş verir. Halbuki insanın bu yaranışdakı sadə rolu təkcə nütfənin axıdldığı vaxt sona yetir. Məgər bu, qayıdışın həqiqət olması, Allahın ölüləri yenidən diriltməsi üçün bir dəlil deyilmi?[14] 63-65. Cücərdən Allahdır, yoxsa sizsiniz? Təbii ki, insanın işi yalnız əkməkdən ibarətdir, ancaq cücərtmək Allaha məxsus bir işdir. Hədislərinin birində İslam peyğəmbəri (s) belə buyurmuşdur: “Heç biriniz “cücərtdim” deməsin, “əkdim” desin. (Çünki həqiqi cücərdən Allahdır)”. Əkmək eynilə insanın uşağın yaranmasında oyandığı rola bənzəyir. Əkinçi dəni səpir və çıxıb gedir. Ancaq Allah toxumun içrəsində canlı bir hüceyrə yaradıb. Həmin hüceyrə əlverişli şəraitdə öncə toxumun içindəki maddələrdən istifadə edir, sonra cücərir, kök atır, heyrətamiz sürətlə torpaqdakı qida maddələrini mənimsəyir, bitkinin daxilində olan sirli vasitələr işə düşür, qeyri-adi bir aləm yaranır, gövdə, budaq, sünbül yaranır. Bəzən bir toxumdan yüzlərlə, minlərlə toxum qalxır. Alimlər hesab edirlər ki, bir bitkinin tərkibindəki təşkilatlanma böyük sənaye şəhəri və ya müxtəlif zavod və fabriklərdəki təşkilatlanmadan daha heyrətamiz və daha mürəkkəb olur. Belə bir qüdrətə malik olan varlıq ölülərini yenidən dirildə bilməzmi?[15] Bu şirin su kimin tərəfindəndir? Allah-taala bu ayədə insana başa salır ki, əgər Allah istəsəydi, suyun tərkibində olan duzların da su zərrəcikləri ilə birlikdə buxarlanmasına imkan verərdi, onlar da su ilə birlikdə havaya qalxar, şor və duzlu buludlar yaranar, yağış damcıları dəniz suyu kimi şor və duzlu yağardı. Ancaq o, bu duzlanmaya icazə vermir. Təkcə duzlanma deyil, hətta ziyanverici mikroblara da buxarla birlikdə havaya qalxıb yağış damcılarını çirkləndirməyə icazə vermir. Buna görə də əgər hava çirkli olmasa, yağış damcıları ən təmiz, ən saf və ən şirin su olar. Peyğəmbər (s) su içərkən belə deyərmiş: “Şükürlər olsun Allaha ki, bizi şirin və ləzzətli su ilə sirab etdi, onu bizim günahlarımıza görə acı və şor etmədi.”[16]   Bu, ehtirama layiq Qurandır, qorunub saxlanılan kitabda (lövhi-məhfuzda) yer alır. Ona yalnız pak olanlar toxunur. Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. Siz bu kəlamı zəif və kiçik hesab edirsiniz? Sizə verilən ruzilərə görə şükür etmək əvəzinə, onu yalan sayırsınız? Bəs nə üçün (can) boğaza yetişdiyi zaman (onu geri qaytara bilmirsiniz)? O an siz yalnız baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə görmürsünüz. Madam ki siz haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınızsa, onda, o canı geri qaytarın. Əgər o, (Allaha) yaxın olanlardandırsa, onda ruh və reyhana, bol nemətli Cənnətə yetişər. Əgər o, sağ tərəf yoldaşlarındandırsa, (onda ona): “Sağ tərəf yoldaşlarından sənə salam olsun!” – (deyilər.) Yox əgər o, (haqqı) yalan sayanlardan və (doğru yoldan) azanlardandırsa, Cəhənnəmin qaynar suyu ilə qarşılanacaq, Onun aqibəti Cəhənnəm oduna girmək olacaq. Bu, şübhə doğurmayan bir həqiqətdir. Elə isə ulu Rəbbinin adına təriflər de! [1] Nümunə, c.23, səh.193 [2] Nümunə, c.23, səh.199 [3] Mənşuri-cavid, c.9, səh.436 [4] Əl-Mizan, c.19, səh.125 [5] Mənşuri-cavid,c.9, səh.437 [6] Ətyəbül-bəyan, c.12, səh.395 [7] Nurus-səqəleyn, c.7, səh.236 [8] Nümunə, c.23, səh.220 [9] Əl-Mizan, c.19, səh.128 [10] Nümunə, c.23, səh.225 [11] Nümunə, c.23, səh.219-216 [12] Mənşuri-cavid,c.9, səh.442 [13] Əl-mizan, c.19, səh.129 [14] Nümunə, c.23, səh.241 [15] Nümunə, c.23, səh.249 [16] Nümunə, c.23, səh.256

Könül oxşayan Hədislər 15.02.2025

Riyakarlıq və özünügöstərmə

Riyakarlıq və özünü nümayiş etdirməyi adət halına çevirən bir qrup insanın demək olar ki, bütün həyat devizi puç və mənasızdır. Belə insanlar mədəniyyət yerinə ruhsuz zahir, real həyat yerinə mövhumat və xəyallar, səadət və xoşbəxtlik əvəzinə yalnız quru bir ad, din və məzhəbdən isə təkcə bir növ silsiləvi mərasimlərlə kifayətlənirlər. Şübhəsiz, özlərini bu şəkildə nümayiş etdirən insanların mənfəəti riyakarlıq və ikiüzlülükdən başqa, heç bir şey deyildir. İmam Sadiq (ə) buyurmuşdur: لاَ تُرَاءِ بِعَمَلِكَ مَن لا يُحْيِي وَ لا يُمِيتُ وَ لا يُغْنِي عَنْكَ شَيْئًا “Öz xeyirxah işlərini nə həyat və ölüm əllərində olmayan, nə də sənin çətinliklərini həll edə bilməyən kəslərə göstərmək (riya) məqsədi ilə yerinə yetirmə.”[1]   Bu səbəbdən, İslam dini belə iyrənc sifəti şiddətli şəkildə tənqid edir və bu barədə öz nəzərini bildirərək deyir: “Sənin müqəddərat və taleyin belə insanların ixtiyarında deyil! Belə isə, riyakarlıq etmək nəyə lazımdır?! ” Əgər biz bütün nemətlər, o cümlədən, izzət və səadətə nail olmağın bağışlayan və mehriban Allah tərəfindən olması həqiqətinə diqqət yetirə bilsək, bu zaman şəxsiyyət və mənliyimizi digərləri müqabilində nümayiş etdirməyimizə ehtiyac qalmaz.   [1] “Biharul-ənvar”, c. 69, səh. 300.

Könül oxşayan Hədislər 15.02.2025

Həsəd və paxıllıqh

Həsəd və paxıllıq İmam Sadiq (ə) buyurmuşdur: الْحَاسِدُ‍ مُضِرٌّ بِنَفْسِهِ قَبْلَ أَنْ يُضِرَّ بِالْمَحْسُودِ “Həsəd edən paxıllıq etdiyi şəxsə zərər yetirməzdən qabaq özünə zərər vurar.”[1] Qısa izah Həsəd amilinin həqiqəti insanın digərlərinin nemət içərisində olduğunu görmək istəməməsi, həmin nemətlərin onların əlindən çıxması uğrunda səy və təlaş etməsi və yaxud onlara ziyan dəyməsini arzulamaqdan ibarətdir. Həqiqətdə, həsəd aparan şəxs həmişə bir növ lider və öndərlik amilinin deyil, əksinə geriqalma amili uğrunda fəaliyyət göstərir. Digər tərəfdən, həsəd əxlaqi xəstəlik və rəzilə sifətlərdən sayılır. Həsəd edən şəxs psixoloji cəhətdən digərlərindən öncə, özünü oda ataraq yandırır və başqa bir ifadə ilə desək, hamıdan geriyə qalaraq təhqir edilir. Belə olduğu halda, həsəd aparan şəxs digər insanların inkişafına mane olmaq üçün deyil, əksinə onlardan önə keçmək uğrunda çalışmalıdır. Bəli! Həsəd aparan kəs, başqalarına zərər yetirməzdən qabaq, ilk öncə özünü həsəd atəşində yandırır. [1] “Biharul-ənvar”, c. 70, səh. 255.

Müsəlmanın həyat tərzi 15.02.2025

Qəzəb odu

Qəzəb odu Həyatda insanın qəzəb və stress halında hansısa bir işi həyata keçirdikdən və ya müəyyən bir qərar qəbul etdikdən sonra peşman olmadığı zamanlara rast gəlmək çox nadir hallarda müşahidə edilir, çünki insan vücudunda qəzəb atəşinin yandırıcı alovu şölələndiyi vaxt insanın əql və düşüncəsi bütövlükdə qüvvədən düşür, əsəb və bədən üzvləri, adətən, elə bir istiqamətdə hərəkət edir ki, bəzən törəyən zərər və acı nəticələrin bərpa olunmasına bir ömür belə kifayət eləmir. İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın qaladığı oddur.”[1]   Şeytanın bu yandırıcı atəşi baş qaldıraraq zahir olduğu zaman, hədsiz diqqət və sürətlə ona hakim olmalı və söndürməliyik. Əks təqdirdə, həm öz, həm də digər insanların həyatını təhlükə altına ata bilməyimiz mümkündür. Bəli! Qəzəbləndiyiniz zaman nə bir qərar qəbul edin, nə kimi isə cəzalandırın və nə də bir söz danışın. Çalışın ki, o mühitdən uzaqlaşıb başqaları ilə ünsiyyət qurasınız.     [1] “Biharul-ənvar”, c. 70, səh. 278.

QURANI KƏRIM 15.02.2025

“Rəhman” surəsi

“Rəhman” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Rəhman Allah Quranı öyrətdi. İnsanı yaratdı, ona danışmağı öyrətdi. Günəş və Ay müəyyən bir ölçü ilə fırlanırlar. Bitkilər da, ağaclar da Ona səcdə edir. Göyü ucaltdı, tərəzi və qanun qoydu ki, çəkidə həddi aşmayasınız. Tərəzidə insafla çəkin və çəkini əskiltməyin. O, yeri məxluqat üçün yaratdı. Orada meyvələr və gül-çiçkli xurma ağacları vardır. Saman şəkli alan gövdəli və yarpaqlı dənli bitkilər və xoş ətirli bitkilər də vardır. Elə isə (ey insanlar və cinlər,) Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, insanı saxsı kimi quru gildən yaratdı, cinləri də qarışıq və hərəkət edən oddan yaratdı. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? —————————————————————————————- “Rəhman” surəsinin ümumi məzmunu: Bu surədə Allahın insanlara bəxş etdiyi müxtəlif maddi və mənəvi nemətlərdən danışılır. Buna görə də bu sürəni mərhəmət və ya nemət surəsi də adlandırmaq olar.[1] Bəyan etmək insanın ən mürəkkəb davranışıdır: “Bəyan” sözü leksik baxımdan geniş məna yükünə malikdir. Bu sözü istənilən açıqlayıcı və aşkarediciyə şamil etmək olar. Buna görə də təkcə danışığa deyil, yazmağa, müxtəlif və mürəkkəb mövzuları ifadə edən rasional və məntiqi əsaslandırmalara şamil olur. Bütün bunlar “bəyan” ifadəsində toplaşır. Baxmayaraq ki, bu kompleksin indeksi danışmaqdır. Adət etdiyimiz üçün biz danışmağı sadə bir proses hesab etsək də, əslində o, insanın ən mürəkkəb incə davranışlarındandır. Bəlkə də deyə bilərik, belə bir zərif, eyni zamanda mürəkkəb davranış yoxdur. Çünki səs orqanları müxtəlif səsləri yaratmaq üçün bir-biri ilə əməkdaşlıq edir: ağ ciyər havanı özünə çəkir, sonra yavaş-yavaş onu qırtlaqdan xarıc edir. Sonra səs telləri səslənir, bəzisi razılıq, bəzisi qəzəb, bəzisi yalvarış, bəzisi sevgi, məhəbbət və ya ədavət ifadə edən müxtəlif səslər meydana gəlir. Ardınca bu səslər dil, dodaq, dişlər və ağız boşluğu vasitəsilə əlifba hərflərini xüsusi incəliklə ərsəyə gətirir. Başqa sözlə desək, qırtlaqdan xaric olan monoton səs fərqli forma və ölçülərdə kəsilərək hərf şəkli alır. Nəticədə, dillərin yaranması prosesi meydana gəlir. İnsan maddi və mənəvi ehtiyaclarını ödəmək üçün malik olduğu təfəkkürünü inkişaf etdirərək müxtəlif dillər yaradır. Maraqlıqdır, dil yaradılışında insana mane ola biləcək heç nə yoxdur. Dünyada mövcud olan dillər o qədər çoxdur ki, onları saymaq olmur. Hətta tədricən yeni-yeni dillər formalaşır. Bunlardan əlavə, nitqin insanların inkişafı və təkamülü, mədəniyyətlərin meydana gəlməsi və tərəqqisindəki rolunu nəzərə alsaq, məlum olar ki, əgər bu nemət olmasaydı, insanlar öz təcrübələrini, elmlərini asanlıqla gələcək nəsillərə ötürə, elm, mədəniyyət, din və əxlaqın inkiafına nail ola bilməzdirlər. Əgər bu böyük nemət insandan bir günlüyə alınsa, insan cəmiyyəti geriləyər. Əgər “bəyan” sözünü daha geniş mənada götürsək, yəni yazı və incəsənəti də buraya aid etsək, onun insan həyatında nə qədər mühüm rol oynadığı tam aydın olar. Buna görə də Rəbbin insanlara bəxş etdiyi nemətlər məcmusunu ehtiva edən bu surədə nə üçün insanın yaradılışından sonra danışıq nemətinə yer verildiyini başa düşərik.[2] Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Allah-taala bu cümlə ilə insanları Allahın bəxş etdiyi nemətlər haqqında düşünməyə, öz-özlərindən “bu nemətlərdən hansınısa inkar etmək olarmı? Əgər olmazsa, nə üçün nemət verəni tanımayaq? Nə üçün Onu tanıyıb nemət verənə şükür etməyək? Nə üçün müqəddəs dərgahında təzim etməyək?” – deyə soruşmağa sövq edir. Bu cümlənin təkrarı fəsahətlə nəinki təzad təşkil etmir, əksinə özü bir fəsahət yaradır. Sanki ata unutqan oğluna xitab edərək deyir: Uşaqlıq və aciz olduğun vaxtı unudursan? Xəstələndiyində sənin üçün ən yaxşı həkimləri gətirdiyimi və sənin müalicən üçün hansı zəhmətlərə qatlaşmağa hazır olduğumu unudursan? Gənclik yaşına çatdığında, ailə qurmaq istədikdə yaxşı bir həyat yoldaşı seçdiyimi unutdunmu? Ev və yaşamağa ehtiyac duyduğun vaxt sənin üçün hər şey etdiyimi unutdunmu? Bəs bu itaətsilik nədəndir? Allah-taala da müxtəlif nemətlərini bu unutqan insanlara xatırladır, bu nemətlərin hər birindən sonra soruşur ki, bunlardan hansını inkar edə bilərsən?[3] Cəhənnəmliklərin bəzi əzabları qeyd edildikdən sonra da bu cümlə təkrar edilmişdir. Əslində onların əzablarından sonra qeyd edilən bu xatırlatma da bütün insanlar və cinlər üçün bir nemətdir.[4] O, iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, iki müxtəlif dənizi təmas halında bir-birinin yanında qərarlaşdırdı. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Düzəlmiş gəmilər də Onundur – dənizdə hərəkət edir, dağ kimidirlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Yer üzündə olan hər kəs fani olacaq. Təkcə Rəbbinin əzəmətli və uca zatı əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir iş görür. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Tezliklə ancaq sizinlə məşğul olacağıq, ey insanlar və cinlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Ey cin və insan tayfası! Əgər bacarırsınızsa, göylərin və yerin hüdudlarını aşın! Yalnız qüdrət və qüvvətlə keçə bilərsiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Üstünüzə tüstüsüz alov və qalın tüstü göndəriləcək və siz heç kəsdən kömək diləyə bilməyəcəksiniz. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göy yarılıb ərimiş yağ kimi çəhrayı olduğu vaxt (elə qorxulu hadisələr baş verəcək ki, tab gətirə bilməyəcəksiniz). Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O gün nə insan, nə də cin günahı barəsində sorğu-sual olunmayacaqdır (hər şey aydın olacaq). Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? —————————————————————————————- O, hər gün bir işdədir: Bu ayə geniş məzmuna malikdir, istənilən yeni yaradılışa, dünyada baş verən dəyişikliklərə şamil olur. Allah daim yaradır və yaratmaqda davam edir. Onun ehtiyaclıların və diləyənlərin ehtiyaclarına cavab verməsi də belədir, hər gün yeni forma yaradır. Bir gün bir xalqa qüdrət bəxş edir, başqa bir gün onları qara torpaq üzərinə oturdur, bir gün sağlamlıq və təravət bəxş edir, başqa bir gün zəiflədir, bir gün qəm-qüssəni ürəkdən yuyub aparır, başqa bir gün qəm-qüssə üçün bir şərait yaradır. Xülasə, hər gün gözəl yaradılış sisteminə, nizam-intizamına uyğun olaraq yeni bir hadisə, yeni bir varlıq yaradır. Bu həqiqət bir tərəfdən bizim Allaha daim ehtiyaclı olduğumuzu göstərir, digər tərəfdən ümidsizlik pərdəsini qəlbimizdən kənara çəkir, başqa bir tərəfdən təkəbbür və qəfləti yuyub aparır. O, hər gün bir iş görür. İmam Əli (ə) belə buyurmuşdur: “Həmd və tərif əsla ölməyən, yaratdığı sisteminin qəribəlikləri heç zaman bitib tükənməyən Allaha məxsusdur. Çünki O, hər gün bir iş görür, heç zaman olmamış yeni bir məzmun yaradır.” Peyğəmbərin (s) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə buyurulur: “Onun işlərindən biri budur ki, hansısa günahı bağışlayır, narahatlığı və çətinliyi aradan qaldırır, bir dəstəni yüksəldir, başqa bir dəstəni aşağı endirir.” Bu ayə ümidverici, təkəbbür sındıran, yaradılışın davamlı olduğunu göstərən ayələrdəndir. Buna görə də məsum imamlar insanlarda ümid yaratmaq üçün bu ayəyə xüsusi önəm vermişlər. Belə ki, Əbuzərin Rəbəzəyə sürgün qərarı verildikdən sonra İmam Əli (ə) onu ötürməyə gedir və çox dərin mənalı kəlamları ilə ona təsəlli verir. Sonra İmam Həsən (ə) onu əmi deyə çağırır, atasının sözlərinə əlavələr edir. Ondan sonra İmam Hüseyn (ə) belə buyurur: “Ey əmi! Allah-taala bu şəraiti dəyişə bilər. O, hər gün yeni bir iş, vəziyyət yaradır. Bu zümrənin dünyası sənin haqqı deməyinə mane oldu, sənin dinin isə onların yanlışına mane oldu… Elə isə Allahdan səbir və qalibiyyət dilə.” Bir məsələni də qeyd etməliyik ki, “gün” deyilərkən burada gündüz mənası deyil, uzun sürən dövrlər, saatlar, anlar nəzərdə tutulmuşdur. Yəni Allah hər zaman, hər an bir iş, bir vəziyyət yaradır.[5] Əgər bacarırsınızsa, göylərin və yerlərin hüdudlarını aşın: Bu ayənin dünyaya, yoxsa Qiyamətə, ya da hər ikisinə aid olması təfsirçilər arasında fikir ayrılığına səbəb olmuşdur. Əvvəlki və sonrakı ayələr axirət dünyasına aid olduğu üçün bu ayənin Allahın ədalətindən qaçışa aid olduğunu söyləyə bilərik. İmam Sadiq (ə) hədislərinin birində belə buyurmuşdur: “Allah Qiyamət günü bəndələri bir yerə toplayacaq, göyün mələklərinə yerə enmələrini əmr edəcək, sayları yer üzünün insan və cinlərinin sayından iki dəfə artıq olan mələklər yerə enəcək. Sonra sayları bu saydan iki dəfə çox olan ikinci göyün mələklərinə enmələrini əmr edəcək. Bu ardıcıllıqla yeddi göyün mələyi yerə enəcək, bir-birini əhatə edən yeddi örtük kimi insanları və cinləri əhatə edəcəklər. Bundan sonra carçı car edərək deyəcək: “Əgər bacarırsınızsa, göylərin və yerin hüdudlarını aşıb keçin. Yalnız qüdrət və qüvvətlə keçə bilərsiniz.” Bu zaman onları yeddi qrup mələyin əhatə etdiyini görəcəklər.”[6] Qiyamətdə sorğu-sual yoxdur? Bu ayənin ilk baxışda Qiyamətdə sorğu-sual olunacağından bəhs edən ayələrlə təzad təşkil etməsi təəssüratı yarana bilər. Ancaq Qiyamətin uzun bir gün olacağını nəzərə alsaq, bu problem öz həllini tapar. Həmin gün insan dayanıb keçidlərdən keçməli, hər dayanacaqda bir müddət dayanmalıdır. Bəzi hədislərə görə əlli dayanacaq olacaq, onların bəzisində ümumiyyətlə sorğu-sual olmayacaq, “üzün rəngi daxili sirlərdən xəbər verəcək”. Bəzi dayanacaqlarda insanın dilinə möhür vurulacaq, bədən üzvləri şahidlik edəcək. Bəzi insanlar həqiqətən sorğu-sual olunacaqlar, bəziləri höcətləşəcək, mübahisə edəcək, özünü müdafiə etməyə qalxacaq. Xülasə, hər bir səhnənin öz şərtləri olacaq, hər bir səhnə digərindən daha qorxulu olacaq.[7] Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar (və Cəhənnəmə atılacaqlar). Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Budur günahkarların inkar etdikləri Cəhənnəm! Bu gün onlar onunla qaynar su arasında get-gəldə olacaqlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Rəbbinin hüzurundan qorxanları iki Cənnət bağı  gözləyir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də növbənöv nemətlər və təravətli ağaclar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də hər zaman axan iki bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də hər meyvədən iki növ vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar orada astarları atlas və ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki bağın meyvələri onlara yaxın olacaqdır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O Cənnət bağlarında yalnız öz həyat yoldaşlarını sevən, onlardan əvvəl heç bir insan və cinin toxunmadığı Cənnət qadınları vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar sanki yaqut və mərcandırlar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Bu ikisindən açağıda iki Cənnət bağı da vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Hər ikisi yamyaşıldır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? İkisində də fəvvarə vuran iki bulaq vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? —————————————————————————– Cəhənnəmlə qaynar su arasında: “An” sözünün kökü mənası vaxt olan “ina” sözüdür. “An” sözü burada yüksək hərarət və qaynar mənasında işlədilmişdir. Yəni qaynar su artıq ən son mərhələsinə yetişmişdir. Cəhənnəm sakinləri Cəhənnəmin yandırıcı şölələrində yanıb susayacaqlar, su içmək istədikdə isə onlara qaynar su veriləcək, ya da üzərlərinə töküləcək. “Ğafir” surəsinin 71-72-ci ayələrinə əsasən qaynar Həmim bulağı Cəhənnəmin yanındadır. Cəhənnəmlik insanları birinci oraya tökəcək, sonra Cəhənnəm oduna salacaqlar: “Həmin vaxt onları boyunlarında dəmir halqalar və zəncirlər olduğu halda sürüyüb qaynar suya tökəcəklər; sonra odda yandırılacaqlar.” Nəzər nöqtəsi olan ayə də oxşar məzmunu ifadə edir.[8] Bu iki Cənnət qorxanların yolunu gözləyir: Təfsirçilər “Allahın hüzurundan qorxurlar” deyilərkən hansı mənanın nəzərdə tutulması ilə bağlı müxtəlif versiyalar irəli sürmüşlər. Bəzi Quran ayələri və hədislərin də təsdiq etdiyi bir təfsirə əsasən, burada Allahın elmi, qüdrəti və bütün insanlara daimi nəzarətindən qorxmaq nəzərdə tutulmuşdur. “Rəd” surəsinin 33-cü ayəsində belə buyurulur: “Hər kəsin başı üzərində olan (hər kəsə nəzarət edən), hamının əməllərini görən (bu xüsusiyyətlərə malik olmayanla eynidirmi?)” İmam Sadiqin (ə) bu ayənin təfsirini ehtiva edən bir hədisində belə deyilir: “Bir adam Allahın onun etdiklərini bildiyini, dediklərini eşitdiyini, xeyir və pis əməllərindən xəbərdar olduğunu bilirsə, bu diqqət onu çirkin işlərdən çəkindirir. Bunlar Rəblərinin hüzurundan qorxan və özlərini nəfslərinin istəklərindən saxlayanlardır.”[9] İki Cənnət bağı: İki Cənnət bağı ilə bağlı çoxlu versiyalar irəli sürülmşüdür. Birinci Cənnət maddi və cismani Cənnət, ikinci Cənnət isə Cənnət sakinlərinin Allahın təsəvvür edilə bilməyəcək razılığından zövq aldığı mənəvi və ruhani Cənnət ola bilər (Ali-İmran-15). Birinci Cənnət onların əməllərinin nəticəsi, ikinci Cənnət Allahın əlavə lütfkarlığı ola bilər (Nur-38). Biri itaət, digəri isə günahdan çəkinməyə, biri iman və əqidə, digəri saleh əməllər və sairəyə görə verilə bilər. Xitab obyekti insanlar və cinlər olduğu üçün bu cənnətlərin hər biri onlara ayrı-ayrılıqda aid ola bilər. Əlbəttə, bu versiyaların heç biri xüsusi arqumentə əsaslanmır, ancaq eyni zamanda, hamısının bu ayədə toplana biləcəyi mümkün haldır. Dəqiq məlumdur ki, Allah Cənnət sakinlərinin ixtiyarına çoxlu bağlar verəcək. Cəhənnəm sakinləri odla qaynar su arasında get-gəldə olduqları halda, Cənnət sakinləri Cənnət bağlarında gəzib dolanacaqlar.[10] 62-ci ayədən sonrakı ayələrdə qeyd olunan iki Cənnətdən aşağı olan digər iki Cənnət barəsində söz açılmışdır. Yəqin ki bu Cənnət məqamı iman və Allahın hüzurundan qorxmaq baxımından əvvəlkilərdən geri qalan insanlara məxsusdur. Məqsəd iman və saleh əməl tənasübünü göstərməkdir. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “Qızıldan olan iki Cənnət, məqamları çox yüksək, Allah dərgahına daha yaxın olan insanlar üçündür. Gümüşdən olan iki Cənnət isə bir qədər aşağı məqamda olan sağ tərəfin səhabələri üçündür.”[11] Əla ibn Səyabə adlı bir nəfər İmam Sadiqə (ə) deyir: “Biz bir dəstə Cəhənnəmdən çıxıb Cənnətə daxil olur” dedikdə camaat bizə təəccüblə baxır və deyirlər ki, siz demək istəyirsiniz ki, onlar Cənnətdə Allahın dostları ilə bir yerdə olurlar? İmam (ə) buyurur: “Ey Əla, Allah-taala “onlardan aşağıda iki Cənnət bağı vardır”, – deyə buyurmuşdur. And olsun Allaha, Allah dostları ilə bir yerdə deyillər…”[12] Onlarda çoxlu meyvələr, xurma və nar ağacları vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Orada xoşxasiyyətli, gözəl qadınlar vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Çadırlarda təkcə öz ərlərinə aid olan hurilər vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan əvvəl heç bir insan və cinin toxunmadığı (qadınlar vardır). Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlar yaşıl rəngli gözəl parçalarla üzlənmiş taxtlara dirsəklənəcəklər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir!   [1] Nümunə, c.23, səh.91 [2] Nümunə, c.23, səh.99 [3] Nümunə, c.23, səh.113 [4] Əl-Mizan, c.19, səh.102 [5] Nümunə, c.23, səh.138 [6] Nümunə, c.23, səh.149 [7] Nümunə, c.23, səh.155 [8] Nümunə, c.23, səh.158 [9] Nümunə, c.23, səh.160 [10] Nümunə, c.23, səh.162 [11] Nümunə, c.23, səh.175 [12] Məcməül-bəyan, c.9, səh.351

QURANI KƏRIM 15.02.2025

“Qəmər” surəsi

“Qəmər” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Qiyamət yaxınlaşdı və Ay bölündü. Onlar bir möcüzə və əlamət gördükdə üz döndərib: “Bu davamı olan bir sehrdir” deyirlər. Onlar (Allahın ayələrini) yalan hesab etdilər və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir işin qərarlaşdığı bir yer var. Onlara pisliklərdən çəkindirən kifayət qədər xəbərlər (peyğəmbərlər və daha əvvəlki qövmlər) gəlmişdir. Bu, Allahın böyük bir hikmətidir. Lakin təhdidlər (inadkar insanlara) fayda vermir. Buna görə onlardan üz çevir. Carçının onları qorxulu hadisəyə çağıracağı günü xatırlat! ————————————————————————————— Şi’ra ulduzu: Şi’ra Yəmən şi’rası adı ilə tanınan ən parlaq ulduzlardan birinin adıdır. Bu ulduz cənub tərəfdə çıxdığından, eyni zamanda Yəmən də Ərəbistan yarımadasından cənubda yerləşdiyi üçün Yəmən şi’rası adlandırılmışdır. Bu ulduz adətən səhərlər əkizlər bürcünün yanında görünür və çox diqqət çəkən parlaqlığı olur. Çox parlaq olduğu üçün ona ulduzlar şahı da deyilir. Bu ulduzun çox qəribəlikləri var. Quranda Allahın Şi’ra ulduzunun Rəbbi kimi təqdim edilməsi Xüzaə və sair qəbilələrin həmin ulduzu müqəddəs hesab edib ona sitayiş etməsi, onu yer üzündəki bütün mövcudatın mənbəyi hesab etmələri ilə bağlıdır. Onlar yaradılmışı yaradanın, idarə ediləni idarə edənin yerinə qoymuşdular. Çox maraqlıdır ki, surənin əvvəlində batan ulduza and içilir, burada isə Şi’ranın Rəbbindən danışılır. Əgər bu ikisini yanaşı qoysaq, Şi’ranın nə üçün məbud ola bilməyəcəyi aydın olar. Onun da məbud ola bilməyəcəyi qürub etməsi və yaradılış qanunlarına tabe olması ilə bağlıdır.[1] “Qəmər” surəsinin ümumi məzmunu: Bu surə beş hissədən ibarətdir: 1. Qiyamətin yaxın olması, Ayın iki yerə bölünməsi və Allahın möcüzələrini inkar edənlərin israrı; 2. İlk inadkar qövm olan Nuh (ə) qövmü, onların tufan və seldə məhv olması ilə bağlı kiçik bir xatırlatma; 3. Ad qövmünün əhvalatı və onların ağır əzaba düçar edilməsi; 4. Səmud qövmünün əhvalatı və onların öz peyğəmbərləri Salehə (ə) qarşı çıxması; 5. Lut (ə) qövmü ilə bağlı xatırlatma və onların acı sonu; 6. Firon və tərəfdarları haqqında xatırlatma və onlara göndərilən əzab; 7. Bu qövmlərin Məkkə müşrikləri və Peyğəmbərin (s) müxalifləri ilə müqayisəsi, bu hərəkətlərini davam etdirəcəkləri təqdirdə onları çox acı aqibətin gözləyəcəyindən xəbər verilməsi, günahkarlara Qiyamətdə veriləcək əzablar və təqvalılara veriləcək mükafatların bir qisminə işarə.[2] Ayın iki yerə bölünməsi: Bəzilərinin iddiasına görə, hətta təvatür (uydurula bilmə ehtimalı sıfıra bərabər olan hədislər çoxluğu) həddə olan hədislər çoxluğuna əsasən müşriklər Peyğəmbərin (s) yanına gəlib deyirlər: “Əgər doğru deyirsənsə və sən həqiqətən də Allahın peyğəmbərisənsə, ayı bizim üçün iki yerə böl”. Peyğəmbər (s) buyurur: “Əgər bunu etsəm, iman gətirərsiniz?” Onlar deyirlər: “Əlbəttə”. Həmin gecə ayın on dördüncü gecəsi idi. Peyğəmbər (s) Allahdan onların istədiyini yerinə yetirməsini istəyir. Sonra barmağı ilə aya işarə edir və qəfildən ay iki yerə bölünür. Peyğəmbər (s) müşrikləri tək-tək çağırıb buyurur: Baxın![3] Ayın bölünməsi hadisəsinin Peyğəmbərin (s) hicrətindən qabaq Məkkədə baş verməsi müfəssir və ravilərə görə mübahisə mövzusu deyil. Bəzi hədislərdən belə məlum olur ki, bu hadisə Peyğəmbərin (s) hicrətinə yaxın vaxtda, onun Məkkədə olduğu son dövrlərdə baş vermişdir. Bu da Mədinədən Peyğəmbərin (s) yanına gəlib onunla Əqəbədə beyət edənlərin xahişinə əsasən baş vermişdir. Bu hadisənin tələb edilməsinin səbəblərindən bəhs edən bəzi hədislərə görə müşriklər Peyğəmbərə (s) deyirlər ki, sehr və cadu yerdəki hadisələrə təsir göstərir, biz Mühəmmədin (s) sehr deyil, möcüzə göstərdiyinə əmin olmaq üçün onun göylə bağlı bir qeyri-adilik göstərməsini istəyirik. Hətta bir qrup inadkar təəssübkeş bu böyük möcüzəni gördükdən sonra deyir ki, Şam və Yəmən karvanları gəlib bu hadisəni gördüklərini deməsələr, biz onun möcüzə olduğunu qəbul etməyəcəyik. Adıçəkilən karvanlar da hadisəni təsdiq etdikdən sonra onlar yenə də iman gətirmirlər. Əlbəttə, bu böyük möcüzə digər möcüzələr kimi, zəif tarixi mənbələr və hədislərdə Ayın bir parçasının yerə enməsi kimi xurafat və təhriflərə məruz qalmışdır. Buna görə də möcüzənin əsl məzmununun it-bata düşməməsi üçün xurafatları orijinaldan diqqətlə ayırmaq lazımdır.[4] Onlar qorxunun şiddətindən gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. Boyunlarını carçıya tərəf uzadaraq: “Bu gün ağır və acı bir gündür!” – deyəcəklər. Onlardan əvvəl Nuh qövmü (öz peyğəmbərlərini) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı adlandırıb: “O, dəlidir!” – dedilər və (peyğəmbərlik missiyasını davam etdirməməsi üçün müxtəlif vasitələrlə) onun qarşısı alındı. O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənim intiqamımı onlardan al!” – dedi. Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb çoxlu bulaqlar qaynatdıq. Bu iki su təyin edilmiş ölçüdə bir-birinə qarışdı (və böyük bir dəniz yaratdı). Biz onu lövhələr və mismarlardan hazırlanmış bir miniyə mindirdik. (Həmin gəmi) nəzarətimiz altında hərəkət edirdi. Bu, (kafirlər tərəfindən) inkar edilmiş şəxslərə bir mükafat idi. Biz bu hadisəni ümmətlərə bir əlamət olaraq saxladıq. Heç ibrət alan bir nəfər varmı? Mənim əzabım və qorxutmağım necə oldu! Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Heç xatırlayan bir adam varmı? Ad qövmü də (öz peyğəmbərlərini) yalançı saydı. (Görün) Mənim əzabım və qorxutmağım necə oldu! Biz qurtarmaq bilməyən nəhs bir gündə onların üstünə çox soyuq və qorxulu bir külək göndərdik. O, insanları kökündən qoparılmış xurma gövdələri kimi yerdən qoparırdı. (Görün) Mənim əzabım və qorxutmağım necə oldu! Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Heç xatırlayan bir adam varmı? Səmud qövmü də Allahın təhdidlərini yalan saydı. Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq! Aramızdan vəhy təkcə onamı nazil oldu? Xeyr, o, çox özündənrazı yalançıdır,” Sabah onlar kimin özündənrazı yalançı olduğunu biləcəklər. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən onların sonunu gözlə və səbirli ol! ———————————————————————————— Lövhələr və mismarlardan ibarət bir minik: Quranın bu ifadəsi çox maraqlı və dərin mənalıdır. Çünki Allah sanki demək istəyir ki, bütün dünyanı basmış, qarşısına çıxan hər şeyi öz kamına alıb batıran böyük selin içində Nuhun (ə) və dostlarının xilasını bir ovuc mismar və taxtaya tapşırdıq, onlar da öz vəzifələrini yaxşı yerinə yetirdilər. Bu, əslində, böyük bir qüdrət nümayişidir.[5] Biz Quranı yada salmaq üçün asanlaşdırdıq: Dildə və qəlbdə Allahla ünsiyyət yaratmaq üçün Quran ən asan, ən yaxşı və ən yaxın vasitədir. Onun asanlıq səbəbi yüngül və səthi olması deyil, ismarışlarının qəlbə və cana yaxın olmasıdır. “Müzzəmmil” surəsinin 5-ci ayəsində belə buyurulur: “Biz tezliklə sənə çox ağır bir çətinlik endirəcəyik.” Quran çox ağır və dərin məzmunlu kitabdır, ancaq insanın fitrətinə tanış olduğu və onunla səsləşdiyi üçün onu anlamaq və ondan istifadə etmək hər kəsə asandır. Ağır və dərin mənalı olmaqla yanaşı asan, rəvan və hər kəs üçün başadüşülən olması Quranın möcüzəvi xüsusiyyətlərindəndir. Ağır olmaq heç də çətin olmaq deyil. Necə ki, yüngül olmaq da səthilik və məzmunsuzluq demək deyil. Asanlıq və ağırlıq bir-birinə zidd xüsusiyyətlər olmadığı üçün onların bir araya gəlməsi heç də təəccüblü deyil.[6] Qəlb Quranla ünsiyyətə hazır olduğu hər vaxt onun tərəfindən cəzb olunur. İslam tarixində Quranın hazır qəlblərə göstərdiyi heyrətamiz təsirlə bağlı nümunələr bu faktı təsdiq edir. Ancaq bir toxumun həyat nütfəsi ölübsə, ona heç nə etmək olmaz. Əgər onu ən münbit yerdə əksəniz, dibinə Kövsər suyu töksəniz və ən yaxşı bağbanların nəzarəti altında bəslənsə belə heç vaxt göyərməyəcək, gül-çiçək açmayacaq.[7] Mübarək və nəhs: Adətən insanlar bəzi günlərin mübarək, bəzilərinin isə nəhs olduğunu düşünürlər. Baxmayaraq ki, həmin günlərin dəqiq hansı günlər olduğu da mübahisəlidir. Görəsən İslamın bu inanca münasibəti necədir. Bu suala cavab vermək üçün bir neçə nüansa diqqət yetirmək lazımdır: Birincisi, bu inanc heç də ağıl və şüura zidd deyil. Baxmayaraq ki, bu mövzunu sübut və ya inkar etmək üçün heç bir rasional arqumentimiz yoxdur. Sadəcə, bunun mümkün olduğunu, ancaq əqli cəhətdən sübuta yetirilə bilmədiyini deyə bilərik. Buna görə də bu barədə əlimizdə geniş üfüqlərə işıq saçan vəhy əsaslı dini dəlil olarsa, onu qəbul etmək bəlkə də bir zərurət hesab edilməlidir. İkincisi, Quranda günlərin mübarək və nəhs olmasına işarələr edilmişdir. Hədislərdə də bu, çox rast gəlinən məsələdir. Hədislərdə qeyd edilir ki, Adəm (ə) ayın birinci günündə yarandığı üçün həmin gün mübarəkdir. Bu cür hədislərdən bəzi günlərin sirli təsirlərə malik olduğu, ancaq bizim onlardan xəbərdar olmadığımız aydın olur. Üçüncüsü, diqqətlərin nəhs və mübarək günlərə yönəldilməsi adətən, insana ibrətamiz tarixi hadisələri xatırlatmaqla yanaşı Allaha üz tutmasına da səbəb olur. Buna görə də hədislərdə qeyd edilir ki, nəhs adlandırılmış günlərdə iş dalınca getməzdən əvvəl sədəqə verin, dua oxuyun, Allahdan yardım diləyin, bəzi Quran əylərini oxuyun, Allaha təvəkkül edin ki, işiniz uğurlu olsun.[8] İmam Sadiq (ə) belə buyurmuşdur: “(Səfər niyyəti, ruzi qazanmaq və sair məqsədlə) evdən çıxmağa hazırlaşanda sədəqə ver.”[9] Yuxarıda qeyd edilənlərə də əsaslanıb ifrata varmaq, şayiə və xurafatlara uymaq olmaz. Əgər hər hansı mötəbər hədisdə bir şey öz təsdiqini tapıbsa, onu qəbul etmək lazımdır, əks təqdirdə, Allaha təvəkkül etməklə həmin sözə etinasızlıq göstərib həyata ciddi-cəhdlə davam etmək lazımdır.[10]       28. Onlara xəbər ver ki, su onların arasında bölünməlidir (bir gün dəvə, bir gün isə onların növbəsidir). Hər biri öz növbəsində gəlsin!” Onlar yoldaşlarından birini çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi. (Görün) Mənim əzabım və xəbərdarlıqlarım necə oldu! Biz onlara yalnız səs göndərdik və onlar mal-qara sahibinin ağılda topladığı quru ot-ələf kimi oldular. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Yada salan bir adam varmı? Lut qövmü də xəbərdarlıqları yalan saydı. Biz onların üstünə çınqılları havaya sovuran tufan göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik. Bu, Bizim tərəfimizdən bir nemət idi. Biz şükür edən şəxsi belə mükafatlandırırıq. (Lut) onları Bizim əzabımızla qoxutdu, onlar isə höcətləşməyə və şübhə yaratmağa davam etdilər. Onlar Lutdan qonaqlarını onlara verməsini tələb etdilər. Ancaq Biz onları kor etdik (və dedik): “Əzabımı və təhdidlərimi dadın!” Nəhayət, sübh tezdən onlara davamlı bir əzab gəldi. Elə isə əzabımı və təhdidlərimi dadın! Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Yada salan bir adam varmı? Xəbərdarlıqlar Firon nəslinə də gəldi. Onlar nişanələrimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizlə yaxalayıb cəzalandırdıq. Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa səmavi kitablarda sizə toxunulmazlıq vəd edilmişdir? Yoxsa onlar: “Biz müttəfiq, güclü və qalib bir dəstəyik!” – deyirlər? Tezliklə hamısı məğlub olacaq və dönüb qaçacaqdır. Qiyamət onlara vəd verilib. Qiyamət əzabı daha qorxulu və daha acıdır. Günahkarlar azğınlıq və od şölələri içindədirlər. Cəhənnəm oduna sürüklənəcəkləri gün (onlara deyiləcək): “Cəhənnəmin odunu dadın!” Əlbəttə, Biz hər şeyi qədərincə yaratdıq. ————————————————————————————- Biz onları kor etdik: İmam Sadiq (ə) buyurmuşdur: “Lutun qövmü onunla mübahisə edir, güc göstərirdi. Hətta iş o yerə çatdı ki, evə soxuldular. Cəbrail Lutdan onları buraxmasını istəyir. Onlar içəri girən kimi Cəbrailin işarəsi ilə kor olurlar.”[11] Deyilənə görə, hətta gözləri yerli-dibli yox olur. Deyilənə görə, Allah onların əzabını ona görə sübh vaxtına qədər təxirə salır ki, bu hadisə bir gün əvvəl baş verdiyi üçün, Allah onlara bir gecə də artıq düşünmək fürsəti verir, Allahın kor etdiyi insanlar üzərindəki əzab nümunəsinə baxsınlar, bəlkə ayılıb tövbə etsinlər. Ancaq hədislərdə qeyd edilənlərə görə, hətta kor olanları özləri belə, ibrət almır, əlləri ilə divarlardan tuta-tuta evlərinə gəlib sabah Lutun ailəsini son nəfərinə qədər qətlə yetirəcəklərinə and içirlər.[12] Səqər: Bəziləri hesab edir ki, “Səqər” Cəhənnəmin tam deyil, qeyri-adı yandırıcı xüsusiyyətə malik xüsusi bir hissəsinin adıdır. Hədislərinin birində İmam Sadiq (ə) belə buyurmuşdur: “Cəhənnəmdə Səqər adlı bir dərə var. Ora təkəbbürlü adamların yeridir. O dərə hər dəfə nəfəs aldıqda Cəhənnəmi yandırır.”[13] Dünyanın hər bir şeyi hesab-kitab üzrədir: Bu ayə varlıq aləminə hakim olan bir həqiqət üzərindən pərdə çəkir. Həmin həqiqət bütün kainatın dəqiq nizam-intizamıdır. Bəşəriyyətin elmi artdıqca insan bu nizam-intizamdan daha çox xəbərdar olur. Kosmonavtlar dəqiq elmi hesablamalarla Ayda düşmək istədikləri nöqtəyə dəqiqliklə uçuş edə bilirlər. Baxmayaraq ki, onlar Yer kürəsindən hərəkət etdikləri vaxtda Ay öz oxu ətrafına, habelə raket yerdən qalxarkən Yer həm öz oxu ətrafına, həm də Günəşin ətrafına çox böyük sürətlə fırlanır. Ancaq bütün bu hərəkətlər dəqiq tənzimləndiyi üçün kosmonavtlar dəqiq hesablamalarla uğurlu uçuş yerinə yetirə bilir və istədikləri məkana eniş edə bilirlər. Astroloqlar dəqiq hesablamalar sayəsində on illər öncədən gün və ay tutulması ilə bağlı dəqiq proqnoz verirlər. Bütün bunlar kainatda dəqiq ölçülərin olmasından xəbər verir. Kiçik varlıqlar arasında xırda qarışqalar öz mürəkkəb bədənləri, damarları və sinir sistemi ilə insanı heyran edir. Ancaq mikroblar, viruslar və amöblər kimi kiroskopik varlıqları müşahidə etdikdə bu ölçü incəliyinin nə qədər yüksəldiyinin şahidi oluruq. Belə ki, həmin mikroskopik canlılarda bəzən bir millimetrin mində birinin, hətta daha kiçik ölçünün hesablandılğı insanda heyrət doğurmaya bilmir. Bundan başqa, atomları araşdırdıqda bundan da kiçik miqyaslarla qarşılaşırıq. Atomlarda artıq ölçülər ağlasığmaz dərəcədədir. Bu miqyaslar təkcə kəmiyyətlərə aid deyil, mürəkkəb keyfiyyətlər də bu miqyaslarda dəqiqliklə nəzərə alınmışdır. İnsanın ruhu, meylləri, istəkləri, instinktləri üzərində hakim olan sistem və nizam-intizam onun fərdi və ictimai həyatı üçün dəqiqliklə nizamlanmışdır. Əgər bu sistemdə kiçik bir dəyişiklik baş versə, insanın fərdi və ictimai həyatı bir-birinə dəyər. Təbiət aləmində elə varlıqlar var ki, bir-birinin əyləci hesab edilirlər. Ov quşları kiçik quşların ətini yeyir. Onların sayının həddi aşmaması, nəticədə, bütün məhsulları məhv etməməsi üçün iri quşlar onların qarşısını alır. Onlar yalnız xüsusi şərtlər altında sağ qalırlar. Əgər onlar uzun ömür yaşayıb çoxlu bala versəydilər, bütün kiçik quşların nəsli kəsilərdi. Bu qayda bitki və heyvanat aləmi, flora və fauna üçün dəyişməzdir. Onların üzərindəaparılan araşdırmalar insanı “əlbəttə, Biz hər şeyi qədərincə yaratdıq” ayəsi ilə daha yaxından tanış edir.[14] Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz keçmişdə sizə bənzər şəxsləri məhv etmişik. Heç ibrət alan varmı? Onların etdiyi hər şey əməl kitablarında yazılmışdır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. Şübhəsiz ki, müttəqilərin Cənnət bağlarında və çayların kənarında yerləri var – qüdrətli hökmdar olan Allahın hüzurunda, doğru haqq məkanda. [1] Nümunə, c.22, səh.562 [2] Nümunə, c.23, səh.5 [3] Nümunə, c.23, səh.8-9 [4] Nümunə, c.23, səh.18 [5] Nümunə, c.23, səh.33 [6] Təfsiri-mövzui, c.1, səh.355 [7] Nümunə, c.23, səh.36 [8] Nümunə, c.23, səh.41 [9] Kafi, c.4, səh.283 [10] Nümunə, c.23, səh.44 [11] Əl-Mizan, c.19, səh.85 [12] Nümunə, c.23, səh.64 [13] Nümunə, c.23, səh.76 [14] Nümunə, c.23 ,səh.81

QURANI KƏRIM 15.02.2025

“Nəcm” surəsi

“Nəcm” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun batmaqda olan ulduza! Sizin yoldaşınız nə azmış, nə də hədəfi itirmişdir. O, əsla nəfsinin istəyi ilə danışmır. Danışdığı yalnız ona nazil edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi – qeyri-adi bacarığı olan şəxs (Cəbrail). O, qüdrət və hökmranlığını göstərdi. O, ən uca üfüqdə idi. Sonra yaxınlaşıb daha yaxın oldu. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Burada Allah Öz bəndəsinə vəhy olunmalı olanı vəhy etdi. (Peyğəmbərin pak) qəlbi gördüyünü yalan saymadı. Siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha gördü – Sidrətül-müntəhada (Müntəhadakı Sidr ağacının yanında). Məva bağı da oradadır. Həmin vaxt Sidrətül-müntəhanı bir şey (göz qamaşdıran nur) bürümüşdü. (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı (gözləri onu aldatmadı, gördüyü həqiqət idi). O, Rəbbinin ən böyük dəlil və nişanələrindən bəzisini gördü. Siz mənə deyin görüm, Lat və Uzza, habelə üçüncüləri olan Mənat (Allahın qızlarıdır)? Məgər oğlanlar sizin, qızlar Onundur? Elə isə, bu, ədalətsiz bölgüdür! Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız əsası olmayan zənlərinə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəblərindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir. Yoxsa insan arzuladığı hər şeyə çatacaq? Axirət də, dünya da Allahındır. Göylərdə o qədər mələk var ki, onların şəfaətinin heç bir faydası yoxdur. Yalnız Allah istədiyi və razı qaldığı şəxs üçün icazə verdikdən sonra bu, mümkündür. ——————————————————————————— “Nəcm” surəsinin ümumi məzmunu: Bu surənin əsas məqsədi üç məqsədi xatırlamaqdır: Allahın yeganə idarəedici olması, məad və peyğəmbərlik. Surə peyğəmbərlik mövzusu ilə başlayır, Peyğəmbərə (s) Allah tərəfindən vəhy edildiyi təsdiq edilir, onun hansı formada olması qeyd edilir. Sonra Allahın təkliyindən danışılır, xəyali olaraq Allaha ortaq edilən şəriklər və bütlər ciddi şəkildə inkar edilir, ardınca bütün yaradılış və onların idarə edilməsi, o cümlədən diriltmək, öldürmək, güldürmək, ağlatmaq, zənginləşdirib yoxsulllaşdırmaq, məhv etmək, əzaba düçar etmək, dəvət etmək, qoxutmaq və sairənin yalnız Allaha aid edildiyi bəyan edilir. Surə məad mövzusu, səcdə və ibadətə əmr edilməsi ilə sona yetir.[1] 7-18. Merac, dostla yaxından görüş: Bu və əvvəlki ayələr Peyğəmbərə (s) vəhy edildiyini təsdiq edir, onun formasını izah edir. Əhli-beyt (ə) imamlarından nəql edilmiş çoxlu sayda hədisdə bu ayələrin əsas məqsədinin bütün vəhylər deyil, merac gecəsi Allahın Peyğəmbərə (s) göndərdiyi yaxın vəhy haqqında məlumat vermək olduğu bildirilmişdir. Ayələrin zahiri məzmunu da bu faktı təsdiq edir. Təfsirçilər bu ayələrdəki cümlə və sözlər haqqında bir-birindən kəskin şəkildə fərqlənən müxtəlif fikirlər irəli sürmüşlər. Allah-taala 7-ci ayədə “O, ən uca üfüqdə idi”, – deyə buyurur. Üfüq yer mənası bildirir. Uca üfüq deyiləndə göy nəzərdə tutulur. Əslində, ayənin çatdırmaq istədiyi məzmun belədir: Peyğəmbər (s) merac gecəsi göyün ən yüksək yerində olmuş, sonra daha çox yaxınlaşmışdır… Allah-taala vəhy edilməli olanı Öz bəndəsinə vəhy etmişdi. Peyğəmbərin pak qəlbi gördüyü hadisədə yanılmamışdı, Peyğəmbərin (s) gördükləri həqiqət idi. Əlbəttə, burada Peyğəmbərin (s) qəlb gözü ilə nə gördüyü açıq şəkildə deyilməmişdir. Ancaq 18-ci ayədə onun bu ruhani səfərdə Allahın bir sıra böyük nişanələrini gördüyü qeyd edilmişdir. Burada Allah-taala ilə görüş nəzərdə tutula bilər. Təbii ki, görmə fiziki göz deyil, qəlb gözünə aiddir, “görüş” deyilərkən isə fiziki deyil, ruhani görüş nəzərdə tutulur. Allahı fiziki deyil, yalnız ruhani gözlə görmək olar. İmam Rzadan (ə) “Peyğəmbər (s) Allahı gördümü?” – deyə soruşulduqda buyurmuşdur: “Bəli, Onu qəlbi ilə gördü. Məgər Allahın “(Peyğəmbərin pak) qəlbi gördüyünü yalan saymadı”, – deyə buyurduğunu eşitməmisən? Peyğəmbər (s) Allahı gözü ilə deyil, qəlbi ilə gördü.” 13-cü ayədə Peyğəmbərin (s) Allahla olan başqa bir görüşünə – merac vaxtı Peyğəmbərin (s) Sidrətül-müntəhanın yanında olan başqa bir görüşünə işarə edilmişdir. “Sidr” ağac, “Müntəha” isə yer adıdır. Burada göylərin ən son nöqtəsi nəzərdə tutulmuşdur. Çünki “Məva bağı”nın (möminlərin məskunlaşdığı Cənnət bağının) onun yanında, Cənnətin göydə olduğunu buyurur. Quranda bu ayədən başqa heç bir yerdə bu ağacdan söhbət açılmamışdır. Sanki Allah burada rəmzlərlə danışır. Hədislərdə Sidrin yeddinci göydəki bir ağacın adı olduğu qeyd edilmişdir. İnsanların əməlləri həmin ağaca doğru yüksəlir.[2] Peyğəmbər (s) belə buyurmuşdur: “Onun yarpaqlarnın hər birinin üzərində Allaha tərif deyən bir mələk gördüm.” Başqa bir hədisində isə belə buyurur: “Mən Sidrətül-müntəhaya çatdım, onun hər bir yarpağının kölgəsində bir ümmətin əyləşdiyini gördüm.” Buradan da yerdəki ağaclara bənzər bir ağacın nəzərdə tutulmadığı məlum olur. Onunla Allah dərgahında böyük bir kölgə salana və hər yarpağı üzərində bir mələyin tərif deməsinə, keçmiş ümmətlərin əməlisalehlərinin onun kölgəsində əyləşməsinə işarə edilmişdir.[3] 16-cı ayədə belə buyurulur: “Sidrətül-müntəhanı bir şey bürümüşdü”. Allah bu ayənin izahını verməmişdir. Ancaq hədislərdə bildirilir ki, Allahla Peyğəmbər (s) arasındakı pərdə götürüldüyü və o, Allahı qəlb gözü ilə gördüyü an Sidr ağacını bir nur bürümüşdür.[4] Hər halda biz meracın əsl həqiqətindən xəbərsizik. Bu hadisə haqqında olan izahlar bir növ bənzətmədir. Söz bu həqiqəti ifadə etməyə aciz olduğu üçün bu cür böyük həqiqətlərə belə işarə edilmişdir.     Axirətə inanmayanlar, mələkləri (Allahın) qadın(ları) adlandırırlar. Ancaq buna dair heç bir bilgiləri yoxdur. Sadəcə, əsası olmayan zənnə qapılırlar. Halbuki zənn əsla həqiqət ola bilməz. İndi ki belədir, sən də Bizi xatırlamağı rədd edib yalnız dünya həyatını istəyənlərdən üz çevir! Bu, onların biliyinin ən son həddidir. Sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır. Pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə yaxşı əməllərinə görə mükafatlandırması üçün göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin məğfirəti genişdir. O, sizi torpaqdan yaratdığı vaxtdan və analarınızın bətnində rüşeym halında olduğunuz vaxt hər kəsdən yaxşı tanıyırdı. Elə isə özünüzü öyməyin! O, təqvalıları daha yaxşı tanıyır. Gördünmü (İslamdan) üz çevirəni, (malından) az verib çox verməkdən imtina edəni? Məgər o, qeybi bilir, (başqalarının onun günahlarını öz öhdəsinə götürəcəyini) görür? Yoxsa Musanın səhifələrində olanlardan xəbərdar olmayıb? Və vəzifəsini tam yerinə yetirən İbrahimin (səhifələrində olanlardan xəbərdar olmayıb)? Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsana yalnız çalışıb səy göstərdiyi aiddir. Onun səy göstərdiyi tezliklə görünəcək. Sonra ona yetərli qədər mükafat veriləcəkdir! Bütün işlərin son nöqtəsi sənin Rəbbindir. Güldürən də, ağladan da Odur! Öldürən də, dirildən də Odur! ———————————————————————————- “Ləməm” sözünün mənası: “Ləməm” günaha yaxınlaşmağa deyilir. “Ləməm” kiçik günahlar mənasında da işlədilir. Ayənin məzmunundan da məlum olur ki, “ləməm” insanın yol verdiyi, ancaq sonradan fərqinə varıb tərk etdiyi günaha deyilir. İmam Sadiq (ə) bu ayəni izah edərkən belə buyurmuşdur: “İnsanın etdiyi, sonra bir müddət uzaqlaşıb yenidən etdiyi günahdır (həmşiəlik adətinə çevrilmir)”. O həzrət başqa bir hədisində belə buyurmuşdur: “Ləməm insanın öncə edib, sonra bağışlanılmasını dilədiyi günahdır.” Ümumiyyətlə, əməlisaleh insanların xətaya yol verməsi mümkün haldır, ancaq bu xəta onların təbiətinə ziddir. Onların ruhları və qəlbləri hər zaman təmizdir, bulaşma təsadüfi xarakter daşıyır. Onlar xətaya yol verən kimi peşman olub Allahdan bağışlanma diləyirlər.[5] Özünüzü öyməyin: Bu çirkin əməl insanın özünü tanımamasından irəli gəlir. Əgər insan özünü yaxşı tanısa, Allahın böyüklüyü qarşısında özünün kiçik olduğunu görsə, üzərində olan ağır məsuliyyətlər müqabilində əməllərinin kiçik olduğunu bilsə, Allahın ona bəxş etdiyi saysız-hesabsız nemətləri gözləri önünə gətirsə, heç zaman özünü öyməz, lovğalanmaz. Qürrələnmək, qəflət, özünü üstün tutmaq və nadan düşüncələr də bu çirkin əmələ təhrik edən amillərdəndir. İnsanın özünü öyməsi özünü kamil hesab etməsindən irəli gəldiyi üçün geriləməsinə səbəb olur. Çünki kamilliyin göstəricisi insanın qüsurlu olduğunu etiraf etməsi, naqis və zəif olduğunu qəbul etməsi ilə bəlli our. Buna görə də övliyalar Allahın təyin etdiyi vəzifələr qarşısında hər zaman təqsirli olduqlarını etiraf etmiş, insanları özünü öyməkdən, etdikləri əməlləri üstün tutmaqdan çəkinməyə çağırmışlar. İmam Baqir (ə) belə buyurmuşdur: “Heç biriniz namazının, orucunun, zəkat, həcc və ümrə ayinlərinin çoxluğu ilə öyünməsin. Çünki Allah təqvalıları daha yaxşı tanıyır.”[6] İmam Əli (ə) təqvalıların xüsusiyyətləri haqqında belə buyurmuşdur: “Öz kiçik əməllərindən narazıdırlar, etdikləri çox ibadəti az sayırlar, Bunlar özlərini daim ittiham edirlər, əməllərinə görə qorxu hissi keçirirlər. Onları təmiz olduqlarına görə təriflədikdə qorxuya düşərək deyirlər: Mən özüm-özümü yaxşı tanıyıram, Rəbbim məni özümdən yaxşı tanıyır. Ey Rəbbim, məni haqqımda söyləninənlərə görə cəzalandırma, məni haqqımda düşündüklərindən daha yaxşı et, onların xəbərsiz olduqları günahlarımı bağışla!”[7] İnsan üçün yalnız etdiyi əməl nəticəsi verir: Əllamə Təbatəbai bu ayəni izah edərkən “insan üçün” ifadəsi ilə bağlı çox mühüm bir nüansa toxunmuşdur. Burada “lam” ön qoşması həqiqi sahibliyi, malikliyi bildirir. Yəni insan təkcə etdiyi yaxşı və ya pis əməlin sahibidir. Bu əməllər əbədi olaraq onunla bir yerdə olur. Ancaq insanın sahib və malik olduğunu düşündükləri – mal, vəzifə, övlad və sair, hamısı bu dünyada insanla birlikdə olan xəyali varlıqlardır, insan bu dünyanı tərk edərkən onları bu dünyada qoyub gedir. Ancaq ayə və hədislərə əsasən o dünyada günahı olan möminlərə şəfaət ediləcəyi məsələsinə gəlincə, bu məsələ ilə təzad təşkil etmir. Səbəbi isə onların bu dünyada Allaha və Onun ayələrinə inanıb yaxşı əməllər etməsidir. Onlara şəfaət olunmasına məhz həmin iman və əməlləri səbəb olur. Əgər imanları olmasaydı, onlara əsla şəfaət olunmazdı. Beləliklə, mömin öldükdən sonra digər möminlərin bağışlanma istəyindən və göndərdikləri hədiyyə savablardan faydalanırlar. Habelə bu dünyada yaxşı və ya pis bir ənənə qoymuş insan öldükdən sonra həmin ənənəyə əməl edən insanların günah və savabına ortaq olurlar. Çünki həmin adam həmin ənənəni qoymaq üçün səy göstərmişdir.[8]   O, biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı – xaric olan bir nütfədən. Başqa bir aləm də yaratmaq Ona aiddir. Ehtiyacsız edib, qalıcı sərmayə bəxş edən Odur. Şi’ra ulduzunun da Rəbbi Odur. O, əvvəlki Ad qövmünü məhv etdi, Səmud qövmünü də. Onlardan heç kəsi sağ buraxmadı. Onlardan qabaq Nuh qövmünü də. Çünki onlar daha zalım, daha azğın kimsələr idi. Həmçinin alt-üst olmuş şəhərləri (Lutun qövmünü) də O viran qoydu. Sonra onları ağır əzaba qərq etdi. Sən öz Rəbbinin hansı nemətinə şübhə edirsən? Bu, əvvəlki qorxudanlardan olan bir qorxudandır (peyğəmbərdir). Yaxınlaşmalı olan yaxınlaşıb (Qiyamət günü yetişir). Allahdan başqa heç kəs onun çətinliklərini aradan qaldıra bilməz. Siz bu sözə təəccüblənirsiniz, gülürsünüz, heç ağlamırsınız, qəflət və ehtiras içində ömür sürürsünüz? İndi ki belədir, hamınız Allaha səcdə qılın və Ona ibadət edin! [1] Əl-Mizan, c.19, səh.26 [2] Əl-Mizan, c.19, səh.26 [3] Nümunə, c.22, səh.497 [4] Əl-Mizan, c.19, səh.32 [5] Nümunə, c.22, səh.537 [6] Nümunə, c.22, səh.542 [7] Nəhcül-bəlağə, 184-cü xütbə [8] Əl-Mizan, c.19, səh.47

QURANI KƏRIM 15.02.2025

“Tur” surəsi

“Tur” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun Tur dağına! And olsun yazılmış kitaba – açılmış bir səhifə üzərində (olan kitaba)! And olsun Beytül-məmura (abad evə)! And olsun yüksəklmiş tavana! And olsun dolu və alovlanan dənizə! Rəbbinin əzabı, mütləq, olacaqdır. Heç nə onun qarşısını ala bilməyəcək. O gün göy şiddətlə titrəyəcək, dağlar yerindən qopub hərəkətə gələcəkdir. O gün vay halına yalan sayanların! O kəslərin ki, batil sözlər içində oynayırlar. O gün onları zorla Cəhənnəm oduna atacaqlar. (Onlara deyəcəklər:) “Bu, sizin inkar etdiyiniz Cəhənnəm odudur! ———————————————————————————— Quran nöqteyi-nəzərindən insan yaranışının məqsədi: Hər kəsin öz-özünə verdiyi ən mühüm suallardan biri budur ki, biz nə üçün yaranmışıq? Allah natamam idimi ki, insanı yaratmaqla Öz natamamlığını tamamladı? Halbuki Allahın hər cəhətdən kamil və sonsuz bir varlıq olduğunu bilirik. Quran ayələrində insanın yaradılış məqsədi müxtəlif formalarda ifadə edilmişdir. “Mülk” surəsinin 2-ci ayəsində gözəl əməl cəhətdən insanın sınağa çəkilməsi bir məqsəd olaraq təqdim edilmişdir. “Təlaq” surəsinin 12-ci ayəsində Allahın elm və qüdrətindən xəbərdar olması göylərin və yerlərin yaradılış məqsədi kimi göstərilmişdir. “Hud” surəsinin 118-119-cu ayələrində bildirilir ki, insan Allahın rəhmətinə nail olmaq üçün yaradılmışdır. Nəzər nöqtəsi olan ayədə isə insanın yalnız ibadət etmək üçün yaradıldığı göstərilir. Allah-taala bu ayədə açıq şəkildə buyurur ki, cinləri və insanları yalnız Ona ibadət etməsi üçün yaradıb. Bu ayələrə azca diqqətlə baxdıqda onların arasında heç bir ziddiyyət olmadığının, əksinə, onların bəzisinin ilkin məqsəd, bəzisinin orta məqsəd, bəzisinin son məqsəd, bəzisinin isə nəticə olduğunun şahidi oluruq. Əsl hədəf isə bu ayədə qeyd edildiyi kimi, ibadət və bəndəlikdir, elm, qüdrət, imtahan, sınaq isə ibadət və bəndəlik yolu üzərində olan məqsədlərdir, Allahın rəhməti isə bəndəlik və ibadətin nəticəsidir. Əlbəttə, yaddan çıxarmamalıyıq ki, ibadət təkcə öz-özlüyündə mühüm əhəmiyyət daşıyan namaz və oruc kimi zahiri əməllərdən ibarət deyil, ibadət Allah qarşısında tam itaət göstərməkdir. Bəndəlik və ibadət bütün sahələrdə qeyd-şərtsiz itaətdən ibarətdir. Kamil bəndəlik budur ki, insan yalnız həqiqi məbud haqqında düşünür, Onun yolunda addım atır, Ondan qeyrisini, hətta özünü də unudur. Yaradılışın son məqsədi də məhz budur. Həmin məqsədə çatmaq üçün Allah imtahan və sınaq meydanı yaradıb, insana elm və ayıqlıq verib, nəticədə isə ona rəhmət okeanında qərq olmaq lütfü bəxş edib.[1] “Tur” surəsinin ümumi məzmunu: Bu surə Məkkədə nazil olub. Surə yaxşılar, pak və təmiz insanlar, pislər, günahkarlar və cinayətkarların aqibətindən bəhs edir. Bundan əlavə burada müxtəlif etiqad məsələlərinə də toxunulur.[2] 1-6. Ayələrdə qeyd edilən andların izahı: “Tur” deyilərkən böyük ehtimalla Musaya (ə) vəhy nazil olan Turi-sina dağı nəzərdə tutulur. “Geniş səhifəyə yazılmış kitab” ifadəsi ilə lövhələr formasında nazil olan və səhifələr üzərində yazılmış Tövrata işarə edilir. “Beytül-məmur” sözü ilə bağlı iki versiya var: Birinci versiyaya görə o, Kəbə evidir. Çünki insanların ibadət etməsi üçün ilk tikilən, dövrümüzə qədər də abad qalmış ev məhz Kəbə evidir. İkinci versiyaya görə Kəbə evinə paralel olaraq göydə yerləşən və mələklərin ibadəti ilə abad olan evdir. Bu versiyaya bir çox hədislərdə də rast gəlinir. “Yüksəlmiş tavan” deyilərkən səma nəzərdə tutulur. Səmanın tavana bənzədilməsi ola bilsin ki, ulduz və planetlərin onu sıx şəkildə örtərək tavan şəklinə salmaları ilə bağlıdır. Ola bilsin ki, burada atmosfer təbəqəsi nəzərdə tutulur. Belə ki, o, yer küəsini tavan kimi möhkəm örtərək onu göydən yağan daş yağışlarından, kosmosdan gələn zərərli şüalardan qoruyur. “Bəhrül-məscur” sözünün də iki mənası var: dolu və alovlanan dəniz. Quran ayələri (Təkvir-6, İnfitar-2) və bəzi hədislərdə ikinci məna təsdiq edilir. Hədislərdə qeyd edilir ki, Qiyamət günü dənizlər yanacaq, oda çevriləcək. Bəzi hədislərdə də qeyd edilir ki, dənizlər, onlarda od yandırıldığı üçün quruyacaq.[3] Bu, sehrdir, yoxsa siz görmürsünüz? Oraya daxil olub yanın! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Çünki sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”. Ancaq müttəqilər Cənnət bağları və bol nemətlər içindədirlər. Rəblərinin onlara bəxş etdiklərinə və onları Cəhənnəm əzabından xilas etdiyinə görə sevinirlər. (Onlara deyiləcək:) “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!” Sıra ilə düzülmüş taxtlar üzərində bir-birinin yanında dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik. Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs öz əməlinin girovudur. Onlara istədikləri meyvələrdən və ətlərdən bol-bol verəcəyik. Onlar Cənnətdə bir-birindən mənasız davranışlara və günaha təhrik etməyən pak şərabla dolu badələr alacaqlar. Ətraflarında onlara xidmət etmək üçün sədəf içindəki mirvarilər kimi yeniyetmə oğlanlar fırlanacaq. Onlar bir-birinə üz tutub (keçmişdən) soruşacaqlar. Deyəcəklər: “Biz ailəmiz içində olarkən (onların günahlarının bizə də bulaşacağından) qorxurduq. Amma Allah bizə minnət qoydu və öldürücü əzabdan qorudu. Biz əvvəllər Onu çağrırdıq. Çünki yaxşılıq edən və rəhmli olan Odur!” (Onlara) xatırlat! Sən öz Rəbbinin lütfü sayəsində nə kahinsən, nə də dəli! Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!” – deyirlər? De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyirəm!” ———————————————————————————- Cənnət əhlinə qarşı böyük lütfkarlıq: Qiyamət günü Allahın möminlərə qarşı göstərəcəyi lütfkarlıqlardan biri budur ki, gözlərinə işıq bəxş etmək üçün onların mömin və sevdikləri övladlarını onlara qovuşduracaq. Əgər bu övladlar əməl cəhətdən büdrəmiş və təqsirkar olsalar, Allah əməlisaleh atalarının hörmətinə onları bağışlayacaq, dərəcələrini artıracaq. Hədislərinin birində Peyğəmbər (s) belə buyurmuşdur: “İnsan Cənnətə daxil olduğu vaxt ata, ana, həyat yoldaşı və övladlarını axtaracaq. Ona deyiləcək: “Onlar sənin dərəcənə çatmayıblar”. Deyəcək: “Ya Rəbbim! Mən özümə və onlara görə əməl etmişəm.” Bu zaman övladlarının ona qovuşdurulmasına əmr veriləcək.” Övladların atanın dərəcəsinə yüksəlməsi məsələsində belə təsəvvür oluna bilər ki, atanın əməllərindən götürülüb övlada verilir. Ancaq ayənin davamında belə buyurulur: “Biz onların əməllərindən heç nə əskiltmirik”. Sonda isə belə buyurulur: “Hər kəs öz əməlinin girovundadır.” Buna görə də möminlərin əməllərinin və mükafatlarının azalıb-əskilməməsi heç də təəccüblü deyil. Çünki bu əməllər hər zaman insanla birlikdədir. Əgər Allah onların övladlarına lütfkarlıq və mərhəmət göstərib onları Cənnətdə təqvalılara qovuşdurursa, bu, Cənnətdəkilərin əməllərindən kəsilməsi nəticəsində baş vermir.[4] Mirvari kimi xidmətçilər: Allah Cənnət əhlinin nemətlərini tam edib, onlara hər şey verib, o cümlədən onlara yüksək səviyyədə xidmət göstərən xidmətçilər, ətraflarında dövrə vuran, onları pak şərabla sirab edən saqilər bəxş edib. Zahiri gözəllikləri, incə davranışları, gözəl əxlaqları, Cənnət əhlini elə məftun edəcək ki, dünyada olarkən Allaha itaət yolunda qatlaşdıqları bütün ağrı-acıları unudacaqlar. Quranın çox ayələrində Cənnətin xidmətçiləri sədəf içində olan mirvariyə bənzədilmişdir. Çünki bu gövhər o qədər şəffaf, gözəl və tərdir ki, ona heç bir hədd təyin etmək olmur. Sədəfdən çıxarılarkən isə o tamamilə başqa cür olur. Cənnətin xidmətçiləri də o qədər gözəl, ağbəniz və səfalıdırlar ki, sanki sədəfdən yeni çıxmış mirvarini xatırladırlar. “Onlar üçün” ifadəsi Cənnət sakinlərinin hər birinin özünə məxsus olan xidmətçiləri olduğunu göstərir. Cənnət qəm-qüssə yeri olmadığı üçün bu xidmətçilər Allahın xüsusi bəndələrinə xidmət göstərməkdən xüsusi zövq alacaqlar. Bir məsələni də qeyd etməliyik ki, “qılman” mənası qul deyil, yeniyetmə olan “qulam” sözünün cəmidir. Məlumdur ki, bu yaşda olanlar çevik, aktiv, şad və gülərüz olurlar. Ayə və hədislərə görə Cənnətdə ümumiyyətlə, xidmətçiyə ehtiyac olmayacaq. Nə istəyəcəklərsə, dərhal ona nail olacaqlar. Ancaq bu, Cənnət sakinlərinə qarşı Allah tərəfindən göstərilən yüksək hörmət və qayğının göstəricisidir. Bu ayədə onların konkret hansı xidmətləri göstərəcəkləri qeyd edilməsə də, digər ayələr onların işinin Cənnət sakinlərinə xidmət göstərmək, onlara növbənöv dadlı Cənnət içkiləri və yeməkləri verməkdən ibarət olduğu qeyd edilmişdir. Bir nəfər Peyğəmbərdən (s): “Xidmətçilər sədəfdəki mirvari kimidirlərsə, bəs xidmət göstərdikləri necədir?” – deyə soruşduqda buyurur: “Canım əlində olana and olsun ki, xidmət göstərilənlərin xidmətçilərdən üstünlüyü on dörd gecəlik ayın digər ulduzlardan üstünlüyü kimidir.”[5] Bu əməlləri onlara öz ağılları əmr edir, ya onlar həddi aşmış adamlardır? Ya onlar: “Quranı yalandan Allahın adına çıxırsan!” – deyirlər? Xeyr, onlar iman gətirmirlər. Əgər doğru söyləyirlərsə, onda ona (Qurana) bənzər bir kəlam gətirsinlər. Bəlkə onlar heçdən yaranıblar? Ya onlar öz-özlərini yaradıblar? Ya onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar yəqinlik axtarışında deyillər. Sənin Rəbbinin xəzinələrimi onlardadır? Ya onlar bütün kainatın hakimidirlər? Yoxsa onların, üstünə çıxıb vəhyin sirlərini dinlədikləri bir nərdivanlarımı vardır? Əgər onlardan bu iddiada olan varsa, qoy onda aydın bir dəlil gətirsin! Yoxsa qızlar Onun, oğlanlar isə sizindir? Yoxsa sən onlardan ağır yükü altında qaldıqları bir mükafat istəyirsən? Yoxsa onlar qeybi bilir və ona əsasən yazırlar? Yoxsa səninlə bağlı mənfur bir plan hazırlayırlar? Amma kafirlər bilsinlər ki, özləri o planın toruna düşəcəklər. Yoxsa onların Allahdan başqa bir məbudları var? Allah onların qoşduqları şəriklərdən uzaqdır. Əgər onlar göydən bir daş parçasının düşdüyünü görsələr: “Bu, topa buluddur!” – deyərlər. Sən onları ölümləri ilə görüşəcəkləri günə qədər tərk et! O gün tədbirləri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir. Zalımlar üçün ondan qabaq bir əzab var. Lakin onların çoxu (bunu) bilmir. Rəbbinin hökmünün təbliğində dözümlü ol! Sən Bizim tam mühafizəmiz altındasan. Qalxdıqda Rəbbinə həmd və tərif de! Habelə gecə vaxtı Ona tərif de, bir də ulduzlar batandan sonra (səhər açılanda)! ————————————————————————————- Əgər doğru deyirlərsə, Qurana bənzər bir kəlam gətirsinlər: Bu, Quran möcüzəsini açıq şəkildə bəyan edən ayələrdən biridir, məzmunu təkcə Peyğəmbərin (s) dövrünə xas deyil. Cümlədəki xitab Quranın vəhy olması ilə bağlı şəkk-şübhəsi olan hər kəsə şamildir. Bu və eyni məzmunlu ayələrdə Quranın çağırış nidası çox yüksək olmuşdur. Peyğəmbərin (s) seçildiyi gündən və Quranın bu iddiasından bu vaxta qədər on dörd əsr keçir, bu müddət ərzində ona müsbət cavab verən tapılmamışdır. Doğrusu, nə üçün alimlər, xüsusilə uzun illər İslama qarşı təbliğata böyük vəsait xərcləyən kilsə xadimləri və yəhudilər Quranla mübarizəyə qalxmaq, “Qurana bənzər bir kəlam gətirsinlər” iddiasına cavab olaraq bir kəlam təqdim etmələri üçün mallarının bir hissəsini alim, ədib və söz bilicilərinin ixtiyarına vermirlər? Cavab aydındır. Quranın bu ümumi ecazkarlığı səmavi vəhyin orijinallığının canlı şahididir.[6] Peyğəmbərin (s) tam mühafizəsi: Ayənin ərəbcə orijinalındakı “sən bizim gözlərimiz önündəsən” cümləsi çox incə məna ifadə edir, həm Allahın elmindən xəbər verir, həm də Onun tam himayəsini və lütfkarlığını göstərir. Belə ki, insan böyük bir varlığın nəzarət etdiyini, himayəsində olanın bütün səy və fəaliyyətlərini gördüyünü, onu düşməndən qoruduğunu hiss etsə, həm özündə güc tapar, həm də daha çox məsuliyyətli olar.[7] 48-49. Allaha təriflər söylənilən vaxt: Allahla dərdləşmək, Ona ibadət etmək, təriflər söyləmək, pak və müqəddəs olduğunu etiraf etmək insana rahatlıq gətirdiyi üçün Allah-taala səbir və dözümlü olmaq göstərişi verdikdən sonra buyurur: “Qalxdıqda Rəbbinə həmd və tərif de!” – Sübh vaxtları ibadət etmək və namaz qılmaq üçün qalxanda, vacib namaz qılmaq üçün yuxudan qalxanda, məclis və yığıncaqlardan qalxanda Ona həmd və tərif de, ruhuna və canına Ona həmd və tərif deməklə işıq və səfa bəxş et, dilini Onu xatırlamaqla xoş ətirli et, Onu xatırlamaqdan yardım al, düşmənin xəyanətlərinə qarşı mübarizəyə hazır ol. Hədislərin birində belə deyilir: Peyğəmbər (s) məclisdən qalxarkən buyurdu: “Ey mənim Allahım, Sən ucasan, Sənə həmd edərək Səndən başqa məbud olmadığına şahidlik edirəm, Səndən bağışlanma diləyirəm, Sənə tövbə edirəm.” Soruşdular: Bunlar nədir belə, deyirsən? Buyurdu: “Bunlar Cəbrailin mənə öyrətdikləri, məclisdə baş verənlərin kəffarəsidir.” Surənin son ayəsində belə buyurulur: “Gecə vaxtı Ona tərif de, bir də ulduzlar batandan sonra.” Təfsirçilərin çoxu “gecə vaxtı ona tərif de” cümləsi ilə gecə namazının, “ulduzlar batandan sonra” ifadəsi ilə dan yeri sökülməzdən əvvəl, ulduzlarn batdığı vaxt qılınan sübh namazının nafiləsinə işarə edildiyini qeyd etmişlər. Peyğəmbər (s) buyurmuşdur: “Sübh namazının iki rükət nafiləsi dünya və dünyada olanların hamısından yaxşıdır.”[8] [1] Nümunə, 22, səh.384 [2] Nümunə, c.22, səh.408 [3] Nümunə, c.22, səh.411 və Əl-Mizan, c.19, səh.6 [4] Nümunə, c.22, səh.427 [5] Pəyame-Quran, c.6, səh.265 [6] Nümunə, c.22, səh.449 [7] Nümunə, c.22, səh.467 [8] Nümunə, c.22, səh.467

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...